Məktublar Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Qurbanəli Şərifova Dust mehriban! Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam. Adres.: S.Peterburq, Nikolayevskaya ul, d 4. kv. 28. Bəradəri şüma Əbdürrəhim Haqverdiyev * * * Nəcəf bəy Vəzirova Bakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar. Sizin Ə.Haqverdiyev * * * Hüseyn Mamayevə 1 3 dekabr 1915-ci il Əziz Hüsü. Üç gündür məktubunu almışam; müvəffəqiyyətlərinə hədsiz sevinirəm; Allah eləsin gələcəkdə də bu cür olsun, buna şübhə etmirəm. Dünən teleqrafla təzə ünvanına 60 manat göndərdim; zəhmət olmasa almağın barədə xəbər ver. 20 manat əhvalatından sonra poçta şübhə etməyə başlamışam... Yeri gəlmişkən deyim ki, həmin 20 manat barəsində poçt kontorunun müdirinə ərizə verib xahiş etmişəm ki, onu tapıb ünvanına göndərsin. Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Açıq məktubda təkcə Ağdam əhvalatlarını deyil, bütöv Ağdamın özünü də yerləşdirmək olar. Allaha şükür, biz hamımız sağsalamatıq. Atan əvvəlki kimi hər gün bizə baş çəkir və hamıdan da çox bacın xatırlayır, xüsusilə ləzzətli xörəklər yeyiləndə. Biz elə güman edirdik ki, Xosrov evlənər – dəyişər, amma o, əvvəlki kimi yenə gününü səhərdən axşama kimi bazarda keçirir, hərdən də bir, nə üçünsə, sənin dostun Xanlar Nağıyevgildə gecələyir. Xanlar burdadır və həmişə də xəstədir. O, sözgəlişi mənə dedi ki, sənə açıq məktub göndərib. Mirhəsən Bakıdadır və hardasa, kimin yanındasa işləyir. Təzə xəbər odur ki, atanın bağbanı Xanları, heç bilmirdik onun əlindən canımızı necə qurtaraq, yaxınlarda quduz it qapdı və bu günlərdə də yazıq quduz olub öldü. Atan yaman sevinir. O, İndi bağı olduqca əlverişli qiymətə icarəyə verir. Ümumiyyətlə, atanın işləri düzəlməyə başlayır. Rus məsəlində deyilir: “Allah eləyəydi bizim dana canavar tutaydı”. Özüm barədə deyim ki, burada lap təkəm, hərdənbir maraqsız adamlar baş çəkməyə gəlirlər, onlarla da heç bilmirsən nə danışasan. Tiflis məsələsi baş tutmadı. Ağdamda əlləşməli olacağam, buradan canımı qurtara bilsəm bir dəvə qurban kəsərəm. Bir neçə kəlmə də “Evklid” yox, “Evripid teatrı” kitabı haqqında. Evklid dramaturq yox, riyaziyyatçı olmuşdur. Nə əcəb jurnalın üz qabığında kitab ticarətçisi Malıqinin ünvanı yoxdur. Sənin ünvanlar idarəsinə getməyə vaxtın olmadığından, ən asanı odur ki, Malıqinin adına məktub yazasan, poçt onu tapar. O, olduğu yeri sənə xəbər verər və sən də onun yanına gedərsən. O kitabın qiyməti 7 manatdır. Mən elə güman edirəm ki, onu nadir bir kitab kimi yalnız bukinistdən tapmaq olar. İndi də səni maraqlandıran müsəlman teatrosu məsələsi haqqında: ilk teatro tamaşası Bakıda, 1873-cü ilin Novruz bayramı günündə, hazırda “Metropol” mehmanxanası yerləşən binada, Bakının ictimai iclaslar salonunda səhnəyə qoyulmuşdur. M.F.Axundovun “Mərdi-xəsis” (”Hacı Qara”) komediyası oynanmışdır. Əsər N.B.Vəzirovun təşəbbüsü, Həsənbəy Zərdabinin rəhbərliyi ilə tamaşaya qoyulmuşdur. Pyesin əsas iştirakçıları N.B.Vəzirov və sabiq Yelizavetpol şəhər bələdiyyə rəisi rəhmətlik Əsgər ağa Adıgözəlov olmuşlar. Əgər bu məsələ səni ətraflı maraqlandırırsa, onda məsləhət görürəm “Teatr i iskusstvo” jurnalının 1909- cu il, 6-cı nömrəsini tapasan. Orada “Tatar teatrın” adlı məqalə var. Həmin məqalədən bəzi geniş məlumat tapa biləsən. Daha nə barədə yazım? Dünənə qədər burada bahar havası var idi, bu gün göy tutqundur, ancaq soyuq deyil. Nə üçün Moskva yeniliklərindən heç bir şey yazmırsan? Axı Moskva paytaxtdır və orada təzə xəbərlər də az olmaz. Sitarə və Tavus indi bizdədirlər və simsiz teleqraf vasitəsilə sənə busələr göndərirlər. Hamı səni öpür və may ayının gəlməsini gözləyir. Hərdənbir bacımla xəyal dəryasında üzürük. Mayın axırında Moskvaya gəlməyə və oradan da səninlə birlikdə Volqa çayı ilə geri qayıtmağa hazırlaşırıq. Əyər boş şeylər mane olmasa gözəl plandır. Bir yenilik də: bizim İmranın atası Məşədi Baxşəli rəhmətə gedib. Hələlik sağ ol. Səni sevən dayın Əbdürrəhim 2 4/1-1916 Əziz Hüsü Dünən 27 dekabr tarixli məktubunu, bu gün də dekabrın 30-da sənə göndərilən teleqramın cavabını aldım. Özün başa düşürsən ki, sən məktub yazmamaqla bizi, xüsusən bacımı nigarançılıqda qoyursan. Xəstəlikdən yazırsan. Sən Allah, özünü gözlə; Moskvada olan soyuqlar haqqında oxuduqlarımız dəhşətdir, adam o dünyaya gedə də bilər. Evdən çıxanda bacardıqca isti geyin, gərək ki sənin yun köynəyin olsun. Moskva müsəlman xeyriyyə cəmiyyətinin qaynar fəaliyyəti, xüsusilə müsəlman gənclərini işə cəlb etmələri məni olduqca sevindirir. Mən belə oxudum ki, Moskvada müsəlman səhnə xadimlərinin qurultayı olacaqdır. Bu özü də olduqca sevİndirici faktdır. Sənin “Evpirid teatrı” kitabı haqqında özünə bəraət qazandırmağın məni qane etmədi. Bayramın buna dəxli yoxdur. Cəmiyyətdə başın o qədər qarışıb ki, sadəcə olaraq hər şeyi unutmusan. Bilirsənmi mən necə də çirkab içində yaşayıram və bu kitab mənə nə qədər zövq verə bilər. Mən Azərbaycan dilində teatrın qısaca tarixini tərtib etmək istəyirəm. Lakin yunan dilində məlumatın olduqca az olması məcbur edir ki, başqa mənbələrə də əl atasan. Elə güman edirəm ki, “Evpirid teatrı” kitabı mənə çoxlu material verər. Kitabı tezliklə göndərməyi unutma. Mən indi “Açıq söz” qəzetində əməkdaşlıq edirəm. “Şeyx Şəban” hekayəmi orada çap etdirmişəm. O tənqid ki sən oxumuşsan, uşaqcasına, daha doğrusu, qocacasına yazılmış tənqiddir. Söhbət hekayənin bəzi yerlərindən gedir. Başlanğıcda qrammatikadan bir balaca dərs verilir, məsləhət görülür ki, mən mükəmməl bir dildə, yəni qəzetlərimizin yazdığı və heç kəsin başa düşmədiyi bir dildə yazım ki, bunu da mən heç bir vaxt etmərəm. Sonra tənqidçi, hekayənin, Gülsümün atası evindən qoşulub qaçması yerini təhlil edəndə, böyük bir ailənin nəcib atası kimi mülahizə yürüdür. Nömrələr İndi əlimdə yoxdur, yoxsa onları sənə göndərərdim... Ağdamdan sənə nə yazım. Ağdam öz köhnə yerindədir, yaman bahalıqdır. Məsələn, yağın girvənkəsi 1 manat 10 qəpiyə; ət 21 qəpik (keçi əti), qənd 25 qəpik və ilax... Biz hələ dözürük, əvvəlki kimi yeyir, içir, dolanırıq. Qonaq da ki, həmişə var. Evinizdən heç nigaran olma; nə qədər ki mən sağam, o heç bir ehtiyac hiss etməyəcək. Sonra, Allah qoysa, sən təhsilini başa vurarsan, hər şey öz qaydasilə gedər. Oktyabrın 19-da sənə göndərdiyim 20 manatın başına gələn məzəli əhvalatı da deyim. Bu günlərdə mən onu geri aldım. Poçtda pulun sənə çatmamasının səbəbilə maraqlandım. Moskvadan alınan teleqramda belə yazıblar: “Pul alası adam Rıbinskyə, öz evinə getmişdir”. Onu da qeyd edim ki, ünvan haman ünvandır. Bu gün teleqrafla sənə 60 manat göndərdim, sən Allah, çatan kimi xəbər ver və heç olmasa, ayda üç məktub yaz. Mən Tiflisə köçmək barədə ciddi düşünürəm, deyəsən, baş tutacaq; Tiflisdə açılacaq müsəlman ruhani seminariyasında mənə müdir müavini vəzifəsini söz veriblər, ümumiyyətlə, orada mənim barəmdə çalışırlar. Sitarə və Tavus bu saat bizdədirlər, sənə cani-dildən salam-dua yazmağımı xahiş edirlər – şirin busələr göndərirlər. Atan, Xosrov, Pərviz, Fatma da səni öpürlər. Bacım səni möhkəm qucaqlayır. Qəmər bacıya və Hüseyn bəyə mənim səmimi salamlarımı çatdır. Yeri gəlmişkən soruşum – Xuduş hardadır? Saat artıq 10-a 20 dəqiqə işləyir, mən masa arxasında oturub yazıram, bacım da divanda xoruldayır. Sən çox yaxşı etdin ki, gəlmədin. İnan, buradakılar da sənin üçün bərk darıxıblar. Moskvadan Ağdama gəlmək, əvvəla, böyük narahatçılıqdır, İkincisi də, artıq xərcdir. Papağını hərləyəsən, may olacaq. Xudahafiz, öpürəm səni. Dayın Əbdürrəhim * * * “Qruziya” qəzetinə Gürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm. Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir. Eləcə də mən “Hümmət” partiyasının da üzvü deyiləm. Həqiqətdir ki, mən “Hümmət” partiyasının nəşrlərində iştirak edirəm, lakin mənim iştirakım ədəbi məzmunlu və partiyanın proqramı ilə ümumi əlaqəsi olmayan məqalələr çap etməklə məhdudlaşır. Mən həmişə bitərəf olmuşam və parlamentə daxil olanda da özümü bu cür tanıtmışam. Nəticədə bildirirəm ki, mən həmişə sol sosialist partiyalara rəğbət bəsləmişəm və İndi də o fikirdəyəm, çünki xalqımın xoşbəxtliyini həmin partiyaların proqramlarının həyata keçirilməsində görmüşəm. Ə.Haqverdiyev Gürcü parlamentinin üzvü * * * Əziz Şərifə 1 Əziz qardaşım Əziz! Seşənbə günü saat İkidə səlamət Bakıya varid olduq. Yubileyin müvəffəqiyyətlə keçməyi xəbəri bizdən qabaq gəlib çıxmışdı və məhafildə böyük təsirat bağışlamışdı. Quliyev (Mustafa Quliyev) türk teatrosu müdiriyyətinə üç günün ərzində bir proqram tərtib edilməsinə əmr vermiş, proqram bu gün mənim iştirakımla hazırlandı, sabah Quliyevə veriləcək. Nəhayət, kollegiya əzasından bir nəfər, Tiflisdən dala düşməni Azərbaycan üçün həqarət hesab edib, yubileyin bir-iki sənə təklif etmişdi, guya mən ömrümə qəbalə alıb, Allah ilə daqavor bağlamışam. Yubileyin Bakı dairəsində belə təsir bağışlamağı sənin, Rzaqulunun mənə qulluq etməkdən təngə gəlməyinizin nəticəsi hesab edib, dübarə uzaqdan sənə izhar-təşəkkürümü göndərirəm. Sağ ol, qardaşım, çox zəhmət çəkdin. Sənin “Yenin fikir” məqalələrinin mənim üçün böyük əhəmiyyəti var... Yubiley günü müəyyən olan tək sənə xəbər edərəm. Ümid ki, yubileydən bir həftə qabaq Rzaqulu ilə bahəm buraya gələcəksiniz. Bizim camaata bir hərəkət verən həmişə lazımdır. “Hamlet”dən monoloqları yazıb bu məktubla bahəm göndərirəm. Sabah “Vaveyla”nı da göndərəcəyəm. Kitablar çapdan çıxdıqca bir-bir sənə göndərrəm. “Hamlet”i üzü yazılmaq üçün sabah aparacaqlar. Yəqin bir həftəyə yazıb qurtararlar. O saat onu da sənə göndərrəm. Əlini sıxıb, səni bərk öpürəm. Qardaşın Əbdürrəhim 12 fevral 1927 2 7 may 1927 Əziz qardaşım Əziz! Bəd əz ərzi-salamdan sonra (”Yeni fikir” “təhti idarəsi altında” yazanda, mən də belə yazaram) bu gün sənin tul, təfsil məktubunu aldım; belə görünür, bu neçə müddətdə tamam qüvvəni cəm edib hamısını bir məktubun yazılmasına sərf edibsən; amma yaxşı olar ki, azaz yazıb tez-tez yazasan. Hər növ olsa, məktubunu artıq maraqla oxuyub ayağa çıxınca özümü Tiflisdə hiss elədim; bu da mənə bir ruhani ləzzət verdi. Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi bir məhəbbətim var. Bu saat gündüz saat İkidir. Nahar vaxtına bir saat qalıbdır. Mən, pəncərə qabağında oturub, kağız yazıram, uşaqların anası da böyrümdə əyləşib roman oxumağa məşğuldur. Bayırda gün istisi, Bakının da tozu öz qaydasıyla. Mənə çoxdan kağız yazmadığından üzr istəyib, tənbəlliyini etiraf eləyirsən; amma nahaq işdir; tənbəllikdə heç mən də səndən qalmaram, bəlkə bir otuz açki də perod verərəm. Əkslər gəldi yetişdi, təşəkkür edirəm; nəhayət Koqan mənim xüsusi əksimi də aldı; doğrudur, o əksləri özü üçün almışdı, bain həmə qayda üzrə bir ədəd göndərməli idi. Dvarsovı küçəyə yolun düşsə, Koqandan bir ədəd alıb mənim üçün göndərsən, səndən incimərəm. Mənim burada yubileyim olmadığından mən əsla dilgir deyiləm. Əvvəla, Zaqafqaz miqyasında götürülmüş təntənənin burada təkrarı mümkün deyildi, İkincisi, heç kəs öz vətənində peyğəmbər olmayıb. Qırx illiyə də... ya nəsib! Tiflis cavanlarının, əhalisinin, aktyorlarının, Fotoqraf Kozanın adını müəllif düz yazmamışdır. (Əziz Şərifin qeydi). təşkilatının, sənin və Rzaqulunun qulluq eləməkdə təngə gəldiyimiz qiyamətədək mənim xəyalımdan getməz. Mən Qafqazda bir nəfər üçün bu cəlal ilə təşkil olunmuş yubiley görməmişdim. Burada da mənə təskin verib, dedilər ki, qırx sənəliyivi gözəl surətdə bayram edərik. Cavabında dedim ki, mən Allah ilə hələ daqavor bağlamamışam. Narkomprosun iki qətnaməsindən mənim yubileyim xüsusunda kopyalar götürmüşəm, qətnamələrin müxtəsər məzmunları budur: birinci – filankəs üçün Tiflisdə yubiley tərtib olduğuna görə, burada da təkrarı vacib görünür. İkinci – filankəs üçün Tiflisdə yubiley tərtib olunduğuna görə, burada təkrarı lazım görünməyir. Tarixi qətnamələrdir. Burada yubiley münasibətilə ədəbiyyat cəmiyyəti bir iclas təyin etmək istəyir, amma ondan da mənim ağlım bir şey kəsmir və artıq marağım da yoxdur. Məndən tərcümə və çap üçün hekayələr istəyirsən. Bu saat əlyazısı hekayələrim yoxdur. Bəlkə yazdım, göndərrəm. Ancaq çapdan çıxmış “Marallarım”dan bir nüsxə sənə göndərdim. Bəlkə tərcümə üçün aralarında yarayan tapıldı; çap üçün “Şeyx Şəban” da bəd deyil. O ki para məsələsi, o barədə bir şey yazmağı lazım bilmirəm; tamamən sənə mühəvvəl edirəm. Necə ki, bilirsən “Azərnəşr” mənim yazılarımı çap edir, amma... “Pəri cadu”nu buraxmaq istəmir; səbəbi – mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər. Və bir də deyirlər ki, “Pəri cadu” haqqında inqilabdan sonra bir mükəmməl tənqid qəzetlərdə çıxmayıbdır. Birinci bimənadır; bir yerdə ki, mövhumat ilə simvolikaya təfavüt qoymurlar, orada danışmaq da fayda verməz; belə bisavad naşirlərdən ancaq bunu gözləmək olar. İkinci səbəbi rədd etmək asandır, bu da sənə bağlıdır: bəlkə qəzetdə “Pəri cadu”nun iyirmi beş il səhnədə müvəffəqiyyətlə davam etməyi haqqında bir şey yaza biləsən. Əlavə Rzaqulu mənə deyirdi ki, gürcü hökuməti sənin kitablarından birini çox həvəslə çap etmək istəyir; Rzaqulu ilə söhbət elə, bəlkə “Pəri cadu”nu Tiflisdə çar edək. “Hamlet”in tərcüməsindən sənə parçalar göndərmişdim; o xüsusda kağızında bir şey yoxdur. MXT-ı buradan ehtiramla yola verdik. O ki qaldı Meyerxold... vallah, bilmirəm nə deyim, onların quruluşları mənim əqidəmcə... yaman adamın atasının goruna... doğrudur, qəzetlərdə tərif edirlər, amma burada bir şey anlayıram: münəqqid tərif edir, çünki qorxur ona axmaq deyələr. Tiflisdən gələndən sonra İki seridən ibarət “Köhnə dudman” adında təzə bir pyesanı tamam edib, bədaye komisyonu sədri Ruhulla Axundova verdim. Bu günlərdə cavab alacağam; pyesa, deyəsən, yaman deyil. Hal-hazıra dairdir və mənim də bir az xoşuma gəlir. Yəqin Tiflis truppası da surətini alar. Bir az da özümdən yazım: darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Yay fəsli islamın zəif olduğundan qorxuram bir yana çıxa bilməyəm; yay fəslini də burada qalsam, qırx illik yubiley “təhq şəkk altında” olacaq... ...Səni bərk-bərk qucaqlayıb öpürəm. Və yenə məktublarını gözləyirəm. Məndən Tiflis cavanlarının hamısına fərdən-fərd – mərsiyəxanlar demiş – dua yetirərsən. Rzaquluya xüsusi kağız yazıram. Bu yayı sən harda keçirmək fikrindəsən? Bu günlərdə Bakıya gəlsəydin, pis olmazdı. Xülasə, xudahafiz. Səni sevən qardaşın Əbdürrəhim Adresin yadımdan çıxmayıb, nahaq zəhmət çəkib xəbər veribsən Ə. 3 Əziz qardaşım! Axır ki, səndən bir kağız gəldi. Çox müddət keçdiyindən, mənim kağızımdakı məsələlərdən ancaq birinə (s vas çetıre rublyaya) cavab verirsən. Zalım kişi, sənə neçə kitab göndərmişəm, onların çatdığını ya çatmadığını, – bakılı demiş, – nöş xəbər vermirsən? Bəlkə kitabları yolda ilan-qurbağa yeyir. “Pəri cadu” haqqında yenə bir söz yazmırsan; yəqin ki, nə xahiş etdiyim yadından çıxıb. İndi gələrsən, yaxan keçər əlimə, səninlə dürüst hesablaşaram. Hələ səni maraqlandıran (türküsü interesovat edən) məsələdən yazım. Hal-hazırda Ruhulla burdadır, amma belə deyirlər ki, ayın iyirmisindən məzuniyyətə (otpuska) gedəcək; Məmmədzadə, Şahbazi həmçinin burdadırlar; Ağamalıoğlu Bakıda yoxdur və yaxın vaxtlarda da gəlməyi gözlənmir. Quzu İsmayılın harda qulluq etdiyini bilmirəm: yəqin Bakıda olar. Xülasə, əgər bu adamların hamısını görmək istəsən, gərək ayın iyirmisindən qabaq gələsən. Dünyanın işini bilmək olmaz – bəlkə mən də bir yana qaçmaq istədim. Bu günlərdə görüşəcəyimizi yəqin edib, uzun kağız yazmıram. Görüşərik, ağzımızı Allah yoluna qoyub, güc verərik əngə. Mənə qismət olsa, yenə istəyirəm Manqlis tərəfə gedəm. Tiflisdə Koqan cənablarıla görüşüb, ondan əksləri alıb, ona çetır qəpik də verməyəcəyəm. Xülasə, kağızımı müxtəsər edib, səni öpürəm... Bakıya gələndə evin adresini səhv düşməyəsən. Aziatski, 69. Qardaşın Əbdürrəhim B.T.Rzaquluya xüsusi məktub yazıram. Ə. 4 Qardaşım, əzizim, bir cüt gözüm! Qabaqca üzr istəyirəm; uzun kağız yazmaq əlimdən gəlmir, məktubun gəldi vüsul oldu. Cavabını vermək üçün Həzrət Adəmdən bir tarix başlamalıyam. Amma raviyanı əxbar... İyul ayının iyirmi səkkizində varid olduq Tiflisə. Haman günü qulluq “şərifinə” gəlib, qapını mərd qapısı kimi bağlı gördüm. Axşam Rzaqulunun evindən neçə telefon elədim, cavab gəlmədi. Sübh saat səkkizdən aftamabil gedənədək yenə neçə telefon elədim. Nəhayət, cavabına nail olmadım. Manqlisə çatandan təxminən İki həftə sonra Bakıya göndərdiyin məktub, dağları, daşları dolanıb, gəlib oraya çıxdı. Cavab yazmağa məna qalmadı, çünki Tiflis uşaqlarının dediklərinə görə cənab “şərifiniz” Anapada istirahətə məşğul idilər. Avqustun axırında Tiflisə gəlib yenə zat “şərifinizi” tapmadım. Gəldim Bakıya. Burada İndiyədək kağız yazmamağıma səbəb haman səbəbdir. Mən sənə heç bir məzəmmət yaza bilmərəm; öz günahını özün boynuna götür, deyirsən: “Boynum qıldır, qıldan da nazik”. Bununla belə, “Pəri-cadu”nun Tiflisdə çap olması üçün cidd-cəhd eləməlisən, xüsusən ki, Gürcüstan maarif komissarı mənim əsərlərimdən birisinin Tiflislə çap olunması xüsusunda Rzaqulu ilə söhbət eləmişdi. Mən burada çap olmuş əsərlərimdən Tiflisə heç bir kəsə göndərməmişəm, birini Mirzəli burada olan vaxt məndən aldı, birini də Əhməd Salahlı yenə buradan apardı. Səninçün əlbəttə göndərməyə borcluyam. Buna söz ola bilməz... Burada hər işlər qaydası ilə gedəcək. Mirzə Cəlil demiş, yaxşı olar... Buraya belə xəbər çıxıbdır ki, Tiflis aktyorları “Köhnə dudman”ı provalit eləyiblər. Əgər belə isə, əfsus etməlidir, çünki burada indiyədək beş dəfə müvəffəqiyyətlə oynanıb və hələ də oynanılacaq. Və ikinci hissəsi hazırlanmaqdadır. Rzaqulu deyir: “Proval sözü yalandır, bir də oynamağa hazırlaşırlar”. Sən də ki, bir söz yazmırsan. Amma necə ki, mənə məlumdur, heç biriniz əsəri səhnədə görməyibsiniz. Görəndən sonra yəqin yazacaqsan, buna əminəm... Hələlik görüşmək ümidilə əlini sıxıb dodaqlarından öpürəm. Əbdürrəhim Çox istərdim yanvar ayında bir həftəliyə Tiflisə gəlim. Rzaquluya dedim mənə bir komandirovka düzəltsin; deyir mümkündür. Allaha pənah. Xanımın salamını qəbul edəsən. Dost-aşnaya salam yetirəsən. Ə. 9.xıı. 27 5 Əzizim, qardaşım, oğlum, gülüm, bülbülüm, sünbülüm i t.d..! Neçə gün bundan əqdəm sənə bir məktub göndərmişdim. Yəqin alıb oxudun... Bir az zarafatı buraxıb seryozno danışaq. Bu gələn mart ayının 12- sində Mirzə Fətəlinin vəfatından tamam əlli sənə keçir. Burada xüsusi bir yubiley komisyonu təşkil olunub; komisyonun şöbələri Azərbaycanın qəzalarında da olacaq. Xülasə, bu günü çox təntənəli surətdə keçirtməyə hazırlaşırıq. Tiflis komisyonunun təşkili Zaktsiq katibi Tağıyevə həvalə olunub; o da bu gün ya sabah Tiflisə qayıdıb işə “şüru” edəcəkdir; yəqin də ki, “Bayramalısız toy olmaz”, – sən də iştirak edəcəksən. İndi bir iş var. Mirzə Fətəlinin nəvəsi Fətəlidə babasının arxivi var. Yoldaş Tağıyevin sözünə görə ona Ağamalıoğlu beş min rüblə təklif edib, o isə on beş minə qədər istəyir. Bu alış-verişdir, heç kəsə də dəxli yoxdur. Özləri barışarlar. Ancaq səndən xahişim budur, Rzaqulu ilə bahəm Fətəlini görüb, ondan xahiş edəsiniz ki, babasının mükəmməl tərcümeyi-halı yazılmaq üçün o arxivi bir həftənin müddətində mütaliə üçün mənə versin. Əgər razı olsa, mən yanvar tətilində bir həftəliyə, ya on günlüyə Tiflisə gəlib, sənin və Rzaqulunun köməyilə mühüm siriştələrdən surət alaram. Mirzə Fətəlinin mükəmməl tərcümeyi-halı, dost-aşna ilə əlaqəsi, irsal mərsulatının cəm olub ortalığa çıxması nəinki yubiley komisyonuna, bəlkə tamam insaniyyətə və tarixə lazımdır. Mən yəqin edirəm ki, Fətəli tək ziyalı bir oğlan bunu bizdən də yaxşı düşünür və mənim təklifimi də qəbul edəcək. Əsasən bir tərcümənəvis axtarmaq onun öz vəzifəsidir, vaxta ki, qıraqda öz səylərini, zəhmətlərini təklif edənlər var, gərək daha da məmnuniyyət ilə qəbul eləsin. Rzaqulu ilə söhbət elə, məsləhət olsa, mən Fətəlinin özünə də bir məktub bu xüsusda yazım. Xülaseyi-kəlam, mənim kağızıma gərək forən, başıvın yarısı tüklü, yarısı qırxılmış, əncam edib, mənə cavab verəsən. Daha hələ ki bu Tiflis aktyorlarına salam yetirib, deyəsən ki, bu gün üçün hazırlaşsınlar. Burada belə qərar qoyulub, təntənəli müsamirədən başqa, Nuxada və Bakıda Mirzə Fətəli üçün abidələr qoymaq. Bakıdakı teatr məktəbini Mirzə Fətəlinin adıyla adlandırmaq; Tiflis qəbiristanındakı qəbrini müntəzəm surətdə təmir etmək. Və əlavə sair xırda təzimat. ...Hələlik əlini sıxıb, dodaqlarından öpüb, sənə qardaşlıq salamımı göndərirəm. Əgər mənimlə bahəm Tiflisdə bir neçə gün keçirmək istəyirsən isə, kağızıma cəld cavab ver. Və Fətəlini yola gətirmək üçün tamam diplomatiyanı işə sal. Xanımdan sənə salam. Qardaşın Əbdürrəhim 18.XII.27, Bakı 6 Əziz qardaşım! Səndən dörd gözlə kağız gözlədiyimi bilə-bilə söz yazmırsan. Səbəbini də bilmirəm. Tağıyevin sənin sözünlə Teymur Hüseynova yazdığı məktub və göndərdiyi siyahı hələ gəlib çıxmamış. Belə görünür, mənim Tiflisə ezam olmağım qaldı ay batandan sonraya. Və bir də mənim işimi sən özün görürsən. Xahiş edirəm jurnalların nömrələrini qayda ilə mənə göndərəsən. Əlavə mənim üçün, sən əxz etdiyindən əlavə, Leninqraddan və Germaniyadan materiallar gələsidir. Bəradərim, sənə məlumdur ki, Bakıda və Nuxada Mirzə üçün abidələr qoyulasıdır. O da rəssama tapşırılıbdır. Rəssam bu saat ki, on birin yarısıdır və yatmağın da vaxtıdır, mənim yanımdan getdi. Ona Mirzənin böyük əksi lazımdır; xahiş edir ki, Mirzənin jurnalda olan əksinin dörd o boyda, ya bir az da çox böyüdüb göndərəsən. Mən də haman saat oturub, bu məktubu sənə yazıram. Əksin əslini verərsən Məşədi Koqana, o da onu bir yaxşı böyüdər. Bəşərti retuş vurmasın və mənim adıma nalojnıplatyoj göndərsin. Əks təcili surətdə gəlməlidir, çünki abidə gərək vaxtında hazır ola. Əlbəttə, bu xüsusda səy edərsən. Ayın iyirmi dördündə burada görüşəndə xüsusi rizaməndlik elərəm. Bizim xanımın sənə artıq duası var. Yatmaq vaxtıdır. Kağıza təfsil verməyib, dodaqlarından öpürəm. Qardaşın Əbdürrəhim 7 Əziz qardaşım Əziz! Sənin kağızın gələndə mən bəstərdə yatmaqda və məcburi istirahətdə idim. Tiflisdə beş gün yatdıqdan sonra gəlib Bakıda da dostaşnanın duasının bərəkətindən bir on gün yan yerə verdim. İndi daha kişi kimi işə gedirəm. Ancaq küçələrdə, səkilərdə nəmişlik görəndə ayaqlarım titrəyir. “İlan vuran ala qarğadan qorxar”. Fevralın iyirmi üçündə sübh saat yeddidə Tiflisə təşrif gətirəcəyəm. Ümidvaram ki, o vaxt nə qar olacaqdır, nə də mən yıxılacağam. Üç-dörd gün Tiflisdə qalıb, səninlə “qarın açmadan” söhbət eləmək niyyətindəyəm. Ola bilsin ki, arvadağa da bu dəfə, yolun bahalığına baxmayaraq, mənimlə bahəm təşrif gətirə... Sənin sözünlə gərək Bakıya gələydin. Görünür, bir məmaniət vaqe oldu, ya bəlkə ayın iyirmi üçünədək yenə gələsən. Buranın əhvalatını xəbər alsan, Bakı köhnə yerində öz qaydasilə durmaqdadır; qar yoxdur, az-maz yağış yağır; bəhərhal bahar qoxusu gəlməkdədir. Mən öz müəllimliyimdə varam. Deyəsən, oktyabrda istefa verəcəyəm; doğrudan da daha kifayətdir; kənara durub, gənclərə yol vermək lazımdır. Dünən imla qurultayı qapandı. Məşhur lisançı Abdulla Tağızadətoyuqların gülməsi gələn bir proje ilə ortalığa çıxdı. Məsələ uzundur, görüşdükdə təfsilən söhbət edərik. Mirzə Cəlilin, deyəsən “povestkası” gəlibdir. Gərək onun iflic olub Kislovodska getdiyini Tiflisdə sənə söylədim. Bu günlərdə görüşdük, gözümə yaxşı dəyməyir. “Molla Nəsrəddin”in iyirmi beş sənəlik yubileyinə çalışır. Təntənəli keçməsinə şəkk yoxdur. Mən də, sağlıq olsa, qırx illiyə çalışmalıyam. Əcəl aman versə, nail olaram... Sona xanıma dübarə salam yetirəsən. Arvadağanın sənə xüsusi ərzisalamı var. Mən də səni qucaqlayıb dodaqlarından öpürəm. Balaca Şərifləri həmçinin öpürəm. Məndən cəmi dost-aşnaya dua yetirəsən. Qardaşın Əbdürrəhim 8.ıı.31 8 Əziz qardaşım! Ərzi-salamdan sonra sentyabr ayının ortalarında Kislovodskdan gəlib Sona xanımın qardaşının vəfat xəbərini eşitdim və haman saat sənə və Sona xanıma bir təziyət məktubu göndərdim. Məktubumun çatdığı xəbərini almadımsa da, yenə çatdığına şəkkim yoxdur. Məni bir məsələ heyrətə salır: bir neçə gün bundan əqdəm Adil Hacızadə Tiflisə gedirdi. Ondan sənə salam göndərmişdim. İki gün irəli Hacızadə ilə görüşdüm və onun danışığından belə məlum oldu ki, sən oktyabr bayramlarında üç gün Bakıda olubsan və gəldiyini mənə xəbər verməyibsən. Mən bunun mənasını anlamıram. Ancaq anlamaq istərdim. Sən həmişə Bakıya gələndə birinci axtardığın mən olmuşam. Həmçinin mən Tiflisə gələndə birinci aradığım sən olursan. Bakıda qalıb, üç gündə bir dəfə də mənimlə görüşməməyindən belə anlaşılır ki, məndən rəncidə xatir olubsan. Bu rəncidə xatirliyin səbəbini bilsəydim, yaxşı olardı. Sən bunu yəqin et ki, mən səni qardaşdan, oğuldan artıq istəyirəm, ona görə bu keyfiyyət mənə çox təsir edir. Əlbəttə, bu məktub sənə çatan kimi, mənə cavab yazıb, məni şəkdən çıxarasan. Səni və balacaları öpüb məktubun cavabını gözləyirəm. Qardaşın Əbdürrəhim 18.xı.31 9 Əziz qardaşım! Kağızını neçə vaxtdır almışam. İndiyədək cavab yazmadığıma iki səbəb var. Birisi Tiflisə gəlmək imkanı, dekabrın iyirmisindən sonra Tiflisdə dram cəmiyyətlərinin iclası olmalı idi. Xəyal etdim ki, görüşərik, müfəssəl söhbət edərik. Lakin Tiflis səfəri gecikdi. Qaldı yanvarın axırına ya fevralın əvvəllərinə. İkinci səbəbi psixoloji bir səbəbdir, kağızın mənə bir növ təsirindən nə yazmağı da bilmirdim: insanda hərdən belə bir halət olur ki, “adın nədir?” sualına cavab verə bilmir, kağızın məndə və Yevgeniya Osipovnada belə bir halət oyatdı. Çox fikirlər, çox gümanlar etdik. Fikrimiz bir yana gedib çıxmadı... ...Tiflisə gəldikdə müfəssəl söhbət edərik: bəlkə Yevgeniya Osipovna da mənimlə gəldi. Mən səni güldən pak bir vücud hesab edirəm və yəqin etmişəm ki, təqsir sən tərəfdən deyil... Xülasə, axırı xeyir olsun. Bir az Bakı işlərindən söhbət edək. Oktyabrın əvvəlində Bakıda “Azərbaycan şura yazıçıları ittifaqı”nı axırı ki, düzəltdik: İki il dava çəkdikdən sonra müvəffəq olduq. Mən də orada məsul katibəm; deyirlər məvacib verəcəklər; hələlik bir şey görsənmir. Lazım olan qədər işləyirik. Evdə ovqatım xeyli təngə keçir; budur tamam bir aydır ki, xanımın bacısı xəstə yatır; gecə-gündüz ona məşğuluq. Yazıq Yevgeniya Osipovna bilmərrə əldən-ayaqdan düşüb, bir dəqiqə rahatlığı yoxdur. Özüm köhnə qayda “darülcünuna” gedib-gəlirəm. Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə “xalq ədibi” namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəyəm. Yubiley məsələsini qaldırmaq istəyirəm. Fəqət ləqəb haqqında Bünyadzadə ilə danışacağam. Onun tərəfindən mən həmişə hüsntəvəccöh görürəm. Bu təqaüd məsələsi baş tutsa Tiflisə köçüb orada yaşamağa niyyətim var. Yəqin orada bir müxtəsər, yüngül iş də özüm üçün taparam. (Bu yerdə telefon səsi məni dayandırdı, telefonla bu gün üçdə Mirzə Cəlil Məmmədquluzadənin vəfatını xəbər verdilər; dəfni ayın altısında saat on birə təyin olunubdur. Köhnə qvardiya yavaş-yavaş getmək üzrədir. Oçeredimizi gözləyək). May ayında türk işçisi teatrosu məndən bir pyes xahiş etdi. Mən də “Cəhənnəm məktubları”nın axırındakı hekayəti pyes şəklinə salıb onlara verdim. Nəhayət, teatro bu əsərin qoyulmasını gələn sənəyə atdı. Səbəbini soruşmaq mənə mümkün olmadı. Çünki Seyfi mənimlə görüşməkdən aydın qaçdı. Hər mən teatroya gəldikdə “Seyfi burada idi, bu saat getdi” sözünü eşitdim. Bunu görəndən sonra teatrodan ayaq çəkdim. Amma pyesa yaman deyil. Tiflisə gələndə özümlə gətirrəm, birlikdə oxuyarıq. Beləliklə, sənə yazmalı eylə bir maraqlı əhval yoxdur. Hava yaxşı keçir, oduna ehtiyac görünməyir... Bakıya gəlmək xəyalın varmı? Balacalar səlamətdirlərmi?! Mənim ağzımla onları öpəsən. Anan gəlibsə, məndən ona ərzi-səlam. Dost-aşnanın hamısına məndən salam yetirəsən. Baqi, əlini sıxıb səni öpürəm. Yevgeniya Osipovnanın sənə salamı var. Qardaşın Əbdürrəhim 4.I.32 10 Əziz və gözəl qardaşım! Budur neçə vaxtdır, nə məndən sənə, nə səndən mənə bir məktub yoxdur. Səbəbi tənbəllik, vaxt yoxluğu deyil. Budur iki aydır mən Tiflisə gəlməyə vaxt arayıram; gah aprelin üçündə, gah on səkkizində, gah axırında gəlməyə hazırlaşırdım. Tiflisdə bir-iki mühüm məsələni həll etmək lazımdır. Deyirdim “həm ticarət, həm ziyarət”. İndi mayın onuncu gününə məni Tiflisə plenuma çağırırlar. Mayın da on birində bizim bədaye teatromuzun on sənəliyini bayram edəcəklər; ona görə bəlkə mayın on üçünə özümü Tiflisə yetirəm, “və ilahü-ələm!” O da qorxuram mümkün olmaya. İndi özümdən bir neçə söz. Yevgeniya Osipovnanın bacısı bir ay iyirmi gün xəstə yatdıqdan sonra vəfat etdi; fevral ayının birində aparıb dəfn etdik. O gündən bizim halətimizdə bir növ süstlük var. Yevgeniya Osipovna İndiyədək nə kino, nə teatroya getməyib, tez-tez ağlayır; mənim də ovqatım, söz yox, təlx olur. Olqa Osipovna doğrudan da bir yaxşı, “dilsiz, ağızsız” adam idi. May ayının üçüncü günü Yevgeniya Osipovnanı türk teatrosuna aparacağam. Həmin gün mənim qırx sənəliyim münasibətilə bir müxtəsər müsamirə olacaqdır. Üç pərdə “Pəri cadu”dan və sonra da konsert olacaqdır. Yubiley dəstgahını, təntənəsini və dəbdəbəsini mən qəbul etməyib, bu günün yüngül bir surətdə keçməsini xahiş etdim. Ümid ki, yaman olmayacaq. O günü səni görməyi ürəkdən arzu edirəm. Vaxtın var isə, bir günlüyə Bakıya gəl. İki gün əqdəm Bünyadzadənin yanındayam. Mənə çox vədlər verdi və yaxşı təqaüd təyininə söz verdi. Həqiqət, yaxşı təmin olsa, oktyabrın birindən istefa verib, istirahətə çəkiləcəyəm. Daha kifayətdir. Darülfünunda dörd ətrafım cavan müəllimlərdir; mən onların arasında qoyun sürüsünə dəvə girmiş kimi görünürəm; baxıram, fikir edirəm, doğrudan da daha qulluq yaraşmır. Görüşərik, müfəssəl söhbət edərik. Qulluğun vaxtıdır, gərək bu saat gedəm. Ona görə kağızımı qurtarıb, səni və balacaları öpürəm. Yevgeniya Osipovnanın salamı var. Dost-aşnaya salam yetir. Qardaşın Əbdürrəhim 28.ıv.32 * * * Müxtəsər tərcümeyi-halım 1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı. Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı. 1890-cı sənədə Şuşa realni məktəbinin altı sinfini bitirib, Tiflis realni məktəbinin yeddinci sinfinə keçdim. Mükəmməl dram teatrosu nə olduğunu mən ancaq Tiflisdə anladım. Tiflisdə təhsil edərkən “Nahaq qan” sərlövhəli bir faciəni ruscadan türkcəyə tərcümə etdim. Bu tərcümənin, təəssüflər olsun, iki axırıncı pərdələrini qeyb etmişəm. Üç pərdəsi isə hal-hazırda əlimdədir. 1891-ci sənədə Tiflis realni məktəbini bitirib ali təhsil üçün Peterburqa getdim. O vaxt Aleksandrin teatrosunun ən parlaq vaxtı idi. Bu teatronun Savina, Komissarjevskaya, Davıdov, Varlamov, Pisarev, Dalski, Dalmatov kimi zinətləri var idi. Aleksandrin teatrosu məni tamam cəlb etdi. Hər həftə azından bir dəfə teatroya gedərdim. Bəzi həftə İki-üç dəfə teatro məni çəkirdi. Bu teatronun təsiri altında 1892-ci sənənin yanvar-fevral aylarında “Yeyərsən qaz ətini, görərsən ləzzətini” sərlövhəli komediyamı yazdım və ədəbiyyat meydanına qədəm qoymamı da haman tarixdən hesab edirəm ki, İndi tamam otuz beş sənədir. İkinci əsərim “Dağılan tifaq” həmçinin Peterburqda yazılıbdır. Peterburqda qabaqca yollar institutuna girib, sonra darülfünuna keçib, müstəme sifətilə Şərq fakültəsini bitirdim. 1899-cu sənədə Qafqaza odət edib, burada ədəbiyyat və müəllimliyə məşğul oldum. 1901-dən 1904-cü sənənin may ayınadək Bakıda müəllimlik edib və haman ayda Şuşa şəhər idarəsinə üzv intixab olunub, vətənə qayıtdım. Bakıda olduğum zaman oynanılan türk teatrolarının hamısının rejissorluğu mənimlə olub. “Bəxtsiz cavan” və “Pəri cadu” sərlövhəli əsərlərim də o vaxtlar Bakıda yazılıb. 1906-cı sənədə birinci Dövlət dumasına Gəncə quberniyası tərəfindən nümayəndə göndərildim. Duma dağıdıldıqdan sonra, dörd ay Peterburqda qalıb, dövlət kitabxanasında “Ağa Məhəmməd şah Qacar” üçün material cəm etdim. Və Qafqaza gələndən sonra onu yazıb tamam etdim. Peterburqdan birbaşa Tiflisə gəlib, “Molla Nəsrəddin” müdiri Məmmədquluzadə ilə tanış olub, müşarileyhin təklifinə görə “Molla Nəsrəddin”də felyetonlar yazmağa başladım. Bu ildən başlamış ta 1913-cü sənəyədək Qafqazın hər yerini, Türküstanı və İranı səyahət etdim. Və bu səyahətimdə Mazandaranda bir neçə vaxt qalıb “Ağa Məhəmməd şah” üçün material topladım. 1913-cü sənədə Ağdama köçüb, 1916-cı ilədək orada qalıb, haman ilin axırında Tiflisə gedib, şəhərlər ittifaqının Qafqaz şöbəsinə xidmətə girdim və burada şöbə əxbarının müdirlik vəzifəsi mənə tapşırıldı. Fevral inqilabından sonra Borçalı qəzasına komissar intixab olunub, Şulaverə getdim. Burada bir sənə üç ay qaldıqdan sonra idarələrin milliləşdirilməsindən dolayı çıxıb Tiflisə gəldim və burada Gürcüstan türklərinin milli şurası tərəfindən Gürcüstan parlamanına üzv seçildim. Dinləyici 1919-cu sənənin fevral ayında Azərbaycana çağırılıb nümayəndə sifətində qabaqca Dağıstana, sonra Ermənistana göndərildim. Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra hökumət teatrosuna komissar təyin olundum və bir azdan sonra sənayei-nəfisə şöbəsi müdirliyi öhdəmə verildi. 1921-ci sənənin noyabr ayından İndiyədək Azərbaycan darülfünunda Azərbaycan ədəbiyyatı tarixini tədris etməkdəyəm. Yazdığım əsərlər: “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”. Xırda əsərlərim; “Millət dostları”, “Mirzə Fətəli Axundov”, “Ac həriflər”, “Kimdir müqəssir”. İnqilabi əsərlərim: “Padşahın məhəbbəti”, “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Vaveyla”, “Qırmızı qarı”, “Altun öküz”. Tərcümələrim: “Hamlet”, “Qəzavat”, “Yəhudilər”, “Pepo”. İşlədiyim jurnal və qəzetlər: “Molla Nəsrəddin”, “Zənbur”, “Həyat”, “Tazə həyat”, “İrşad”, “Yeni irşad”, “Tərəqqi”, “Açıq söz”. * * * Tərcümeyi-halım Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu. 1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı. 1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denİkinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim xətti-hərəkətim hökumətin xətt-hərəkətinə müğayir gəldikdən və Xanxoyski ilə uzunuzadı mübahisədən sonra istefa verdim. Azərbaycan şuralaşdıqda bir ay xariciyyə komissarlığında qalıb, sonra maarif komissarlığına keçdim və burada hökumət teatrolarına komissar təyin olundum. Sonra bu vəzifədə qalaraq incəsənət şöbəsinin teatro nimşöbəsinə müdir və axırda incəsənət şöbəsi müdirliyinə keçirildim. 1912-ci sənədə incəsənət şöbəsində keçirilən təbəddülatdan dolayı çıxıb, Azərbaycan darülfünununa Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olundum. Bu vəzifəni on sənə daşıdım. İndi isə tibb institutunda qeyri-azərbaycanlılara Azərbaycan dili dərsi deyirəm. Mən hərçəndi ədəbiyyat sahəsində çalışmamı 1892-ci sənədən hesab edirəm, ancaq birinci qələm alıb yazmaya məşğul olmağım ondan çox qabaqdır. Realni məktəbdə ikən, 1887-ci sənədə Krılovun təmsillərindən neçəsini şeirlə Azərbaycan dilinə tərcümə etmişəm. Birinci əsərim olduğundan qüsuratını əfv olunmasının rica edirəm. At və eşşək İttifaq düşmüşdü atın yanında Bir eşşək gedirdi bir karvanda. Kişnəyərək at gedirdi keyfi kök, Çünki heç yox idi onun üstə yük. Az qalırdı çıxa eşşəyin canı, Çox yükləmiş idi çünki heyvanı. Yalvardı o ata, dedi: ay qardaş, Biz İkimiz varıq bu yolda yoldaş, Yükdən gəl sən bircə xırda şey götür. Rəhm et kömək əlini mənə yetir. Cavab verdi, at söylədi: ay axmaq, Məgər çətİndi sənə bunu qanmaq Ki, mən özüm nəcib atlardan olam, Belimə eşşəyin yükünü alam? Bir az getdi, eşşək yıxılıb öldü, Nəcib at o vədə öz işin bildi. Eşşəyin yükünü götürdü bütün, Dərisin də aldı üstünə yükün. Yuxarıda söylədim, xırda tərcümələr edirdimsə, teatro ədəbiyyatı və teatro yolunda işləmək büsbütün mənim həvəsimi cəlb etmişdi. Birinci teatronu mən Şuşada 1883-cü sənədə gördüm. Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı oynanırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin kitabını tapıb oxumağa başladım. Hətta “Hacı Daşdəmir” adlı komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb, aparıb müəllim Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu “pyesamı” bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm. İkinci əsərim “Nahaq qan” sərlövhəli bir dramdır. Bunu 1891-ci sənədə Tiflisdə yazmışam. Bu beş pərdəli əsərin İki pərdəsini qeyb etmişəm, üç pərdəsi İndi də əlimdədir. 1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kaminə çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə İki dəfə gedirdim. Teatro ucuz idi. Otuz İki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu. Aleksandrinski teatrosunun mənə böyük təsiri oldu. Bu təsir sayəsində Peterburqda İki əsər yazdım: “Yeyərsən qaz ətini” və “Dağılan tifaq”. “Dağılan tifaq”da həm Ostrovskinin və həm də Şekspirin təsirlərini görmək mümkündür. “Yeyərsən qaz ətini” komediyası 1892-ci sənədə, fevralın 15-ci günündə; “Dağılan tifaq” isə 1896-cı ildə tamam olunub, Peterburq şəhərində çap olunubdur və çap xərcini Peterburq sərvətdarlarından alim Mirzə Maxsudov öhdəsinə götürdü. Haman əsər 1907-ci sənədə mart ayında birinci dəfə olaraq Bakıda tamaşaya qoyuldu. 1895-1896-cı sənələrdə Avropa ədəbiyyatında simvolizm üsulu modaya düşdü. Birinci dəfə Hautmanın “Qərq olmuş Naqos” əsəri rus dilində Peterburqda oynandı. O gündən simvolizmə aşiq olub, İndi də ayrıla bilmirəm. Simvolizm üsulu təsiri altında 1901-ci ildə Bakıda “Pəri cadu” əsərini yazmışam. “Pəri cadu”nun ideyası tamamilə Meterlinqin “Abı quş” əsərinin ideyasıdır. Ancaq bunu bilməlidir ki, “Abı quş”, “Pəri cadu”dan yeddi sənə sonra yazılmış. “Pəri cadu” dan bir sənə əvvəl, 1900-cü sənədə “Bəxtsiz cavan”ı yazdım və həmin sənədə də Şuşa səhnəsində tamaşaya qoydum. O sənədən inqilabadək Qarabağ bəylərinin və sərvətdarlarının boykotu altında yaşadım. 1907-ci sənədə Iran səyahətindən sonra “Ağa Məhəmməd şah” faciəsini yazdım. Burada heç bir kənar təsir yoxdur. Haman ildə artist Ərəblinskinin xahişinə binaən üç əsər tərcümə etdim: “Qəzavat”, “Yəhudilər”, “Soltan Osman”. 1907-ci ilin ibtidasından başlayaraq “Molla Nəsrəddin” məcmuəsində felyetonlar yazmağa başlayıb, 1927-ci ilədək işləmişəm. Yazdığım felyetonlar “Cəhənnəm məktubları”, “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi”nin birinci hissəsi və Həkiminuni-səqir imzalı ictimai məqalələr. “Ağa Məhəmməd şah”dan qabaq və ondan sonra inqilabadək xırda komediyalar yazmışam: “Millət dostları”, “Kimdir müqəssir”, “Ac həriflər”, “Mirzə Fətəli Axundov”. Əlavə bu illərdə Şekspirin “Hamlet” əsərini və Sundukyanın “Pepo” komediyasını tərcümə etmişəm. Inqilabdan sonra yazdığım əsərlər: “Ağac kölgəsində”, “Vaveyla”, “Ədalət qapıları”, “Padşahın məhəbbəti”, “Soltan sərvət”, “Qırmızı qarı”, “Altun öküz”, “Yeni dərman”, “Köhnə dudman” (1927), “Baba yurdunda” (1927), “Kamran” (1931), “Yoldaş Koroğlu” (1932). Çocuqlar üçün: “Sağsağan” (1931), “Çox gözəl” (1932). Bu əsərlərin çoxusu tənqid-təbliğ teatrosunun səhnəsində oynanırdı. Pyeslərdən əlavə xeyli hekayələr də yazmışam. Hal-hazırda on beş hekayə Azərinəşrə verilmiş. Yuxarıda göstərdiyimdən əlavə Azərnəşrin sifarişi üzrə neçə kitab tərcümə etmişəm. Məsələn: “Bolşeviklər”, “Qazmaçılar”, Çexovdan on üç hekayə, Maksim Qorkidən beş hekayə. 1923-cü sənədə Xalq Maarif Komissarlığının tapşırmasına binaən “Lakme” operasını tərcümə etmişəm. Bu sənədə Mailyan tərəfindən yazılmış “Səfa” operasını tərcümə etmişəm. Ədəbi fəaliyyətimi yazdıqdan sonra inqilab zamanı daşıdığım ictimai vəzifələri də göstərməliyəm: Azərbaycan darülfünunda yerli komitə sədri (1922), Azərbaycan tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925), Şərq fakültəsinin katibi (1922- 1925), Şura yazıçılar ittifaqının məsul katibi (1931-1932). Otuz beş sənə ədəbi fəaliyyətimdən dolayı 1928-ci sənədə incəsənət fəalı ləqəbinə nail olmuşam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.