Məqalələr Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Bizim yabılığımız Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər. Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir. Köhlən atları qamçı ucu ilə qorxuzanda, yabının yambızına dəyənəklər ilişdirirlər ki, ikiqat olub açılır. Müsəlman tayfası İndiyədək yabılıqda olub, nə maarif arpasından və nə təməddün samanından və nə tərəqqi otundan ona qarnı dolusu indiyədək verilməyib. Hər vəqt istəyiblər ki, köhlənlər yediyi axura bu da bir ağzını uzatsın, o saat başından dəyənək dəyib: Pobedonostsev, İlminski, Çirivanski, İqnatyev və bizim rəfiq Levitski tək dəyənəklər həmişə yabıların təpəsinin üstündə olub. Üç yüz il bu növ yabılıqda qalıb, indi özümüz isə yabıxasiyyət olmuşuq. Yabının xasiyyətinin biri budur: görürsən bir yabını bir neçə gün tövlədə bəsləyib saxlayandan sonra ki, havaya çıxartdın, yabı başlayır yerlə, göylə əlləşməyə. Bir növ özünü çəkir və bir növ nərə çəkib qışqırır ki, bir köhlənə müyəssər olmaya. Sahibi də görürsən şəkkə də düşür, deyir, yəqin elə bu köhləndi, ancaq səhv eyləyib mənə bunu yabı adına satıblar. Yabı sahibi onu çox əziyyətlə hərləyir və çox çətinliklə minir üstünə. O saat yabı yel tək götürülür. Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Mədəniyyət Biz də yabılığımızı bir ayrı işlərdə büruzə veririk. Məsələn, neçə nəfər şəxsin xəyalına bir mənfəətli cəmiyyət bina qoymaq düşür. Başlayırlar qəzetlərdə qışqırmağa, dəvətnamələr göndərməyə. Görürsən həqiqət cəmaət yığıldı, çox da ürəklə yığıldı. Gözəl nitqlər söylənildi. Başladılar pul yığmağa. Çoxluca pul da yığıldı. Ay ötdü, il dolandı. Sədri-cəmiyyət yazıb cəmaəti ümumi yığıncağa dəvət eylədi. Görürsən o yığıncağa ancaq üç cüt, bir tək adam gəldi. Yığıncaq başa gəlmədi. Dübarə təklif eylədilər. Yenə həmin qərar. İllik (üzvlük) pulunu vermək vəqti gələndə əvvəl üzvlərin yüzdən otuzu pul verir, sonra yüzdən iyirmisi, axırı heç kəs vermir və cəmiyyət də əriyir, əriyir, axırda çöpə dönür. Qəzet vermək istəyirik, yenə həmçinin. Qızğın, görürük, iştə nitqlər söyləyirik. Sair şəhərlərdən, pud-pud nəsr və şeirlə təbriklər gəlir. Qəzet bir il, ya altı ay gedir. Axırda ya “Təkamül” tək bağlanır və ya müdiri qapı-qapı düşüb müştəri yığır. Bizim də bədənimiz köpüklənib, bu növ yabılığımız sübut olur. Bir az da “Nicat” cəmiyyəti-xeyriyyəsindən danışaq. Bu cəmiyyət açılan vəqt həmçinin cəmaət çox hümmət göstərib. Min manatlar, beş yüz manatlar və yüz manatlar yağış tək yağıb. Amma indi bir il tamam olmamış orada da yabılıq göstərdik. May ayının dördündə məclisi-ümuminin yığıncağı təyin olunmuşdu. O günü cəmaət gəlməməyinə görə məclis qaldı ayın on birinə. O günü həmçinin İkiminci məclisdə mən də var idim. Bir məsələ müzakirə olunandan sonra sədr yığıncağın axır rəyini soruşanda idarə üzvlərindən biri məlum elədi ki, burada qalan ancaq idarə üzvləridir, məclis üzvləri bir-bir dağılıb gedib. Ona görə yığıncaq qalıb bu gün cümə günü ayın on səkkizinə. Görək bu gün nə tövr keçəcək. İndi cəmaətə iki söz ərz eyləyim: cəmaət! Bir dürüst fikir edin, yabı olmaq insan sifəti deyil! * * * Tənqidə tənqid Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm. Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil. Tənqidin başında Şöhrət ləfzini (”Şəhrət”) yazmaq – mənim şəxsiyyətimə toxunmaqdır. Bunu yəqin etməkdə mənim həqqim var, çünki keçmişdə də neçə dəfə mənə haman qəzetə idarəsində rubəru deyilibdir ki, guya mən “ucuz şöhrət” dalınca gəzirəm. Bu idarə özü ucuz şöhrət axtaranları, şöhrət yolunda dinini, imanını, əqidəsini qara pula satıb axırda herostrat şöhrəti qazananları və qurd olub camaat arasında qoyun cildində gəzənləri çox yaxşı tanıyır. Mənim şöhrətə ehtiyacım yoxdur və nə qədər millətə qələm ilə qulluq etsəm, mərhum Həsənbəy Məlikovun elədiyi xidmətlərin yüzdən birini edə bilməyəcəyəm; nə qədər Həsənbəy şöhrət qazanmışdı, onun yüzdən birini də mən qazanaram. Mən bilirəm, qəzetənin idarəsinin gözləri heç kəsin şöhrətini götürmür. Ona görə mən məzkur idarəni xatircəm edirəm ki, mənim şöhrətimdən ona ziyan dəyməz, çünki müsəlman faciənəvisinin şöhrəti ildə bir gündür ki, o da axşam saat doqquzun yarısından on İkiyədək. Amma şükür Allaha, bu qəzetə Badikubədən Peterburqacan şöhrət qazanıbdır. Cənab tənqidnəvis şöhrət məsələsindən keçir mənim faciənəvislik bilməyimə. Doğrudur, mən “Gülsünamə”, “Tənbihül-qafilin”, “Rüstəmnamə” kitablarından xəbərdar deyiləm, amma Yevropa və Rusiyada zahir olan məşhur teatro ədiblərinin hamısının əsərlərini oxumuş və başımın tükü sanı təsnifat teatrlarda görmüşəm. Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Təvəqqe edirəm, cənab tənqidnəvis öz oxuduğu tarixi faciələrdən bir neçəsini şahid “Ağa Məhəmməd şahın” o səpkidə yazılmadığını sübut etsin. Bundan keçəndən sonra təsvirlərin bir-birilə rabitəli olmağı gündən aydındır və hər bir teatra gedən şəxs “Ağa Məhəmməd şahın” keyfiyyətini qaidəsilə özgələrə nəql edə bilər. Cənab tənqidnəvis buyurur ki, İraklı və İbrahim xan müstəqil hakim idilər, çünki özlərinin sikkələri var idi... Cənab tənqidnəvis çox gözəl bilir ki, İranda Gürcüstan padşahlarına “vali” deyirdilər və “vali” ləfsinin də mənası hər bir savad əhlinə məlumdur. İndi keçək mənim türk dili bilməyimə. Bir şəxsə demədiyi sözləri isnad verib, sonra o sözlər üstündə ona föhş verməyin adına türk dilində nə deyilərsə, həqiqət, mən bilmirəm. Qəzetənin mənim türk dili bilməməyimə dəlili bu sözlərdir: “Sizə kömək bağlayıb gəlmişəm”, “Zəhi böyük nainsaflıqdır”, “Nalayiq şeylər üzrə köpük çıxıb olur”. Senzor tərəfindən möhürlənmiş və qələm dəyməmiş kitab mənim stolumun bu saət üstündədir. Hər kəs xahiş etsə, buyurub görə bilər ki, bu isnad verilən sözlərin heç birisi mənim kitabımda yoxdur və bunu qəzetə özü ixtira edib. Cənab tənqidnəvis buyurur ki, mən elmi-ərvaha bələd deyiləm. Çox mümkündür, ola bilər ağa özü məndən artıq bu elmə bələdiyyət yetirib. Ba in həmə mən təsdiq edirəm ki, cənab tənqidnəvis əsla tarixə bələd olsaydı, qəzetənin 118-ci nömrəsindəki sualları mənə verməzdi. Mən ağaya məsləhət görürəm gedib həkim Mülkümün “Tarixi İranisini” oxusun. “Qafqaz” qəzetəsinin 1855-ci ildə çıxan nömrələrini oxusun və bunlar da ələ keçməsə, laməhalə Dubrovinin yazdığı tarixi oxusun. Onda yəqin edər ki, Cəfərqulu xan ilə Ağa Məhəmməd şahın İsfahan barəsində müzakirəsi və o saət onu Hacı İbrahim xanın gözünün qabağında öldürtməyi yalan deyil. Tarixi faciələrdə müsənnif surətin ağzına dil verə bilər, amma olmuş keyfiyyətləri dəyişdirə bilməz. Həmçinin Hacı İbrahim xan ilə şahın rəftarının doğru olmamasını bu yazdığım tarixlərdə görə bilər. Həmçinin Ağa Məhəmməd şahın varis qeydi bir an yadından çıxmamağını cənab tənqidnəvis tarixdə görə bilər. Cəfərqulu xan öləndən sonra Ağa Məhəmməd şah üzünü Hacı İbrahim xana tutub deyir: “O nəcib ruh ki, bu nəcib bədəni əhya eləmişdi, bir dəqiqə padşahlıq tacını mənim varisimin başında rahət qoymayacaqdı”. Bu sözlər şahın öz ağzından çıxmış sözlərdir və tarixdə də səbt olunub. Bircə bu dəlil, yüz dəlilin içində, onun varis qeydi çəkməyinə kifayət edər. Mən bu tənqidə əsla cavab yazmazdım; çünki onun nalayiq sözlər ilə yazmağına səbəb, bir para əğrazi-şəxsiyyətdir. Əğrazi-şəxsiyyə isə layiqi cavab olmaz ikən, bu cavabı yazmağa məni vadar edən ancaq bu fikir oldu ki, sakit olmağım tənqidin haqq olmağına sübut olar... * * * İki il İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib. Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir. Yerlərini qaranlıq istəyən qurdlar öz işlərinə təzədən məşğul olurlar; mollalar yenə həmin təkfir torbasının ağzını açıb küçələrdə təkfiri sel tək axıdır; məktəblər divarında bayquşlar, şəbpərələr yuva tİkiblər, qiraətxanalarımız Salarüddövlə qoşununun əlindən tar-mar olmuş kəndlərə bənzəyirlər, məclisi-xeyriyyələrimiz acından əriyib çöpə dönüblər! Millət balaları küçələri doldurub, hər küncdə biri durub sualla məşğuldurlar. Yer dəliklərinə qaçıb gizlənmiş siçanlar ortalığa çıxıb, hər biri bir alicənab olublar. Amma Sabirin xəbəri yoxdur. Sabirin qələmi sınıbdır, hanı, yoldaş, sənin fəsih dilin? Hanı sənin o rəvan mövzuun, ürəyini yandırıb, camaatı güldürən əşarın? Yatabsan, yuxudasan?! Heyf ki, tez yatdın! Təqdiri-qəzaya tamaşa edin: molla babalar, şeyx həbiblər, molla ismayıllar, şeyx feyzullahlar, şeyx həmidlər, məmmmədəlilər, kamil paşalar, səmədxanlar tək islam dəryasını qarışdırıb bulandıranlar yaşaya bildikcə yaşayıb boyunlarını yoğunlandırırlar. Amma bir fəqir, millətini canından artıq istəyən şair vətənindən qovulur, qapı-qapı gəzib özünə maaş yolu axtarır, axırda dərddən ürəyi, ciyəri şişib, əhlifəsadi şad edir. Qəribə haldır! Söz yox, ölümdən heç kəs qurtarmayacaq. Amma millət xoşbəxtliyinə ciddən çalışan bir vücudun qəflətən ortalıqdan götürülməyi adamı yandırar. Qəm çəkənlərimiz az, istirahət edib plov yeyənlərimiz çox; oda yanıb vərəm gətirənlərimiz az, bihəya, boynuyoğun, “millət necə tarac olur olsun” deyənlərimiz çox. Camaatın hər tərəfdən işıq gələn yollarını kəsib, qaranlığa salıb, cibini kəsənlərin hesabı bihəddü payan, amma Sabirimiz bir, o da qara torpaq altında. İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. İki il keçib, bainhəmə hər bir “Molla Nəsrəddinin” nömrəsini açanda yəqin edirsən ki, “Hophopun” əşarını görəcəksən. Amma yox! İki ildir Sabir istəkli millətinə “Allah özü sənin fəryadına yetsin” deyib, həmişəlik gözlərini yumub və bircə dənə ciyərguşəsi olan balasını da bizə tapşırıb deyir: “Yaxşı saxla, səndə əmanətimdir”. Görəsən, aya, bir vaxt olacaqdırmı ki, Sabirə babı, laməzhəb adı qoyub, dərbədər salanların övladı öz ata-babalarının hərəkətindən xəcalət çəkəcəklər və bizdə də o insaf olacaqdırmı ki, Sabirin bizə tapşırdığı əmanətini atasına bərabər edək?! Yoxsa biz də millət bayquşlarını sevİndirib, Sabir yolunda ağdan qaraya əlimizi vurmayacağıq? Qoy bayquşlar ulaşsınlar, şəbpərələr dişlərini şaqqıldatsınlar. Mənim onlarla işim yoxdur. Amma millət xeyirxahlarını, Sabir adı gələndə gözləri yaşaranları çağırıb deyirəm: “Əl-ələ verin, qardaşlar, hümmət edin, Sabirin bizə tapşırıb getdiyi əmanəti tərəqqi düşmənlərinin gözlərinə ox edək, asarını kəsəyənlərə xörək etməyək və onun əziz qəbrini Nizaminin, Firdovsinin qəbirlərinə döndərməyək. Namus yeridir, qardaşlar!” * * * Təcəttüri-nisvana dair Bu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”. Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm. Mən bu məqalələri oxuduqca fikir edirdim: “Görəsən, doğrudanmı millət İki tərəf olub, övrət məsələsini birmərrə həll edib qurtarmaq istəyirlər? Yainki millətin bu işlərə qarışacağı yoxdur. Məhz qəzetlərin sözləri qurtarıb, köhnə palan içi tökürlər? Mən dünyada çox ömür etmişəm, otur İki dişimdən ağzımda on beşi qalıb, özüm də yorğana bürünüb çox səyahət edib, çox yerlər, camaatlar, tayfalar görmüşəm. İranın, Türküstanın, Qafqazın, Volqa kənarlarının müsəlmanlarının hamısını birbəbir bayram yumurtası tək dişimə vurmuşam, amma heç bir yerdə bir əqidənin, ya bir məsələnin möhkəm tərəfdarı olan bir müsəlman görməmişəm. Bizim hamımız dünən bir əqidədə, bu gün bir ayrı əqidədə oluruq. Bu gün Yezidin, sabah İmamın qətlinə fərman veririk. Həmişə işin öz şəxsiyyətimizə əl verən tərəfini axtarırıq. Mənim bir yaxşı dostum var idi, bir dəfə getdim onun evinə söhbətə, qapını döydüm, uşaq çıxdı, xəbər verdi ki, evdə yoxdur, bir on dəqiqədən sonra gələcək. Daxil oldum dostumun otağına, stolun üstündəki kitablardan birini götürdüm ki, dostum gəlincə məşğuliyyət edim. Həqiqət bir az keçmədi ki, dostum gəldi, mənimlə görüşüb salamlaşandan sonra dedi: “A kişi, bu nə adətdir, bu nə qaydadır, nə vaxt biz də insan cərgəsinə qoşulacağıq? İndi budur sən gəlibsən mənim evimə, mənə müntəzirsən, nə olardı mənim övrətim gəlib burada oturub mən gəlincə səni məşğul edəydi? Həmçinin də mən sənin evinə gələndə”. Bir üç il keçdi, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa saldı. O vaxt hamıdan artıq aləmə vəlvələ salıb təsəttüri-nisvan yolunda yaxasını yırtan haman mənim dostum idi. O vədə onunla görüşmək mənə mümkün olmayırdı. Ittifaqən yolum dostum olan şəhərə düşdü, axşam getdim müsəlman teatrına. Gördüm haman şəxs bir nəfər rus xanımı ilə qoşa əyləşib. Sonra da məlum oldu ki, haman xanımı, bir mənzil tutub, özü üçün aşna saxlayır. Onda bildim ki, nə üçün o, bir belə təsəttüri-nisvan üçün boğazını yırtır. Bu məsələ onun öz övrəti üçün lazım imiş ki, evdə oturub ərinin əməlindən xəbəri olmasın. Genə bir dostum var idi. Bir nəfər şəxsin oxumuş və açıq gəzən qızını istəyirdi. Çox səy etdi, pul xərc etdi, qızı almaq mümkün olmadı, atası vermədi. İndi o dostum da təsəttüri-nisvan tərəfdarı olub bağırır. Rusiya lə alış-veriş edən tacirlərimiz hamısı həmçinin təsəttür tərəfdarlarıdırlar, çünki övrətləri açıq olsalar, söz yoxdur ki, onların şəhərbəşəhər gəzib, restoranlarda, kafe-şantanlarda, ta mən nə ərz eləyim, haralarda çəkdikləri keyflərə mane olacaqlar. İran ilə ticarət edənlərimiz həmçinin təsəttür tərəfdarları gərək olsunlar. Xansənəmin başını yorğan altına basdırıb, Iranda gündə bircə dana “tazə bə tazə, nobəno” qız siğə etmək həm ruhu tazalandırar, həm şəxsi cavan edər. Mülkədar-bəylərimiz də genə bu ayaqdan. Götürək İrəvanı, Naxçıvanı, Qarabağı, Qazağı, hər bir yeri. Bu yerlərin mülkədarlarının hamısının uşaqları şəhərlərdə oxuyurlar. Və uşaqları gedib görməgi də həmişə bəhanə qayırıb ayda bir Tiflisə, İrəvana, Gəncəyə, Bakıya qaçırlar. Ana ürəyi nazik olur, bala adını eşidəntək sakit olur; kişi də gedib özünü bir “havaya” verib qayıdır. Bişəkk bu da “hürriyyətinisvan” ilə yaraşan məsələ deyil. Bakıdan danışmağa ehtiyac yoxdur. Hər kəsin tənxahi üç min manatdan artıqdır, İki ev saxlayır, biri övrəti üçün, biri də aşnası üçün. Bu adamlar da “hürriyyəti-nisvan”dan danışsalar evləri yıxılar. İndi gələk “Şəlalə” üstünə. Səbribəyzadə deyəndə, Anadoludan gəlmiş xanəbəduş, bambılı bir şairdi. Bu bədbəxt Əbdülhəmidinmi cövründən, ya cavan türklərinmi cümləsindən qaçıb gəlib özünü sıxıb bir nəfər sərmayədarın buşqağına. Bu şəxs də bunun qabiliyyətinə bələd olub, gətirib bir jurnal bina edib, onu da əyləşdirib idarənin başında, özünə deyibdir ki, əgər “hürriyyəti-nisvan”-filan adı çəkərsən, səni birbaş Anadoluya göndərrəm. Məndən məvacib alırsan, türkün məsəlini həmişə qulaqlarına güşvarə et, yəni “ağa buyurur sür dərəyə – sür dərəyə”. “Iqbal” idarəsində əyləşənlər də həmin dərəyə sürənlərdirlər. Əgər Yevropada mətbuat əfkari-ümumiyyənin ayinəsi isə də, bizlərdə əfkar-məfkar yoxdur, qaraca pul var. Yadımdadır, təxminən on üç il bundan əqdəm mən Badikubəyə getmişdim. Ittifaqən əvvəl günlərdə Hacı Zeynalabdin Tağıyevin ünas məktəbinin rəsmi-güşadi idi. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Bir kənarda durub nitqlərə qulaq verirdim: əvvəl rus keşişi məktəbi təbrik edib, müsəlman övrətlərinə Puşkin, Qoqol, Turgenev kimi balalar yetirəcəyinə ümid etdi. Nitqə qulaq verirdim, amma gözlərim Ağayi-Mir Məhəmməd Kərim ağada idi. Deyirdim bu keşiş hələ rusdur, öz bazarından dəm vurur, görək bu cənab nə buyuracaq. Bunu da deməliyəm ki, o vədə Mir Məhəmməd Kərim ağa qazı deyildi, amma əhli-nüfuz idi. Çox nitqlər söyləndi, ruslardan, müsəlmanlardan danışan çox oldu. Mir Məhəmməd Kərim ağa çıxdı qabağa, hamı, o cümlədən mən, nəfəslərini çəkdilər içəri. Ağanın əvvəl sözü bu oldu: “Əl elmü fərizətün əla küll müslimin və müslimə”. Bu hədisin üstündə bir gözəl nitq irad buyurdu. Mənim, həqiqət, gözlərimdən yaş axdı. Dedim, xudaya, şükür olsun sənin cəlalına ki, biz millətə belə alim əta edibsən. Ondan sonra neçə ilə şəhərbəşəhər gəzdim, hər yerdə peşəm ağanı tərif etməkdi. Bir neçə il keçdi, genə yolum Bakıya düşdü. Bədbəxtlikdəndirmi ya xoşbəxtlikdəndirmi, bilməyirəm, məndə bir azar var. Hər yerə getdim və eşitdim ki, orada bir müsəlman yığıncağı var, gərək özümü o yığıncağa salam. Nitq-filan demək əlimdən gəlməz. Amma tamaşaçılığı yaxşı bacarıram. Bəli, gəldim Bakıya, eşitdim ki, iranlıların məktəbində imtəhani-ümumi olacaqdır və çox adam da oraya dəvət olunub. Bu haman il idi ki, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa salıb “Tazə həyat” qəzeti ilə vuruşurdu. Bir nəfər yoldaş ilə getdik məclisə, burada imtahandan danışmaq niyyətim yoxdu. Onu deməliyəm ki, camaat çox yığılmışdı. İki minə qədər olardı. Uşaqlar, hər kəs, öz qabiliyyətini göstərdilər. Bir nəfər İrandan gəlmiş müəmməm mücahid uzun bir nitqi-hürriyyət, müsavat-filan barəsində söylədi. Bu barədə sözüm yoxdur. Məclisin axırında cənab Mir Məhəmməd Kərim qazı qalxdı ayağa. Ağanı görəntək sevindim, dedim: “Nə xoşbəxtəm, iki dəfə Bakıya gəlmişəm, ikisində də ağa ilə həmcəlis olub onun gözəl nitqlərinə qulaq asmağa nail olmuşam”. Ağa nitqini belə başladı: “Həzərat! Budur, neçə ildir mən özümə söz vermişəm ki, camaatın heç bir işlərinə müdaxilə etməyəm. Amma İndi mənim boynuma təklifi-şəri gəlib; əgər mən danışmasam, həm sizə və həm cəddimə şüqülzəmmə olaram. Bir nəfər atasından, anasından bixəbər gedib oturub Tiflisdə. Orada “Molla Nəsrəddin” adında bir kaspi çıxardı. O kaspidə nə hədyanat, nə müzəxrəfat yazır, özü bilir, amma bu axır vaxt başlayıb müsəlmanların irzü namuslarına əl atmağa. Yazır ki, övrət tayfası gərək evdə oturmasın, deyir gərək müsəlmanlar övrətlərinin qollarından tutub versinlər xariclər aparsınlar. Həzərat, aman günüdür, gözləyin özünüzü belə müfsidlərin şərrindən...” ilax. Bu məzmunda o ki var danışdı. Ağa nitqini tamam edəntək durdum məclisdən çıxdım. Yolu necə gəldim, bilməyirəm. Bir də gördüm ki, “Islamiyyə” mehmanxanasında öz nömrəmdə əyləşmişəm. Bir saatda özümə gəldim, ayılan kimi məni bir ağlamaq tutdu. Çox ağladım və dedim: “Xudaya, bu nə işdir? Məktəb rəsmgüşadındakı nitq nə idi, bu nitq nədir? Bu şəxsin əqidəsi nədir? Ya bunun heç bir əqidəsi yoxdur, hər danışığını məclisin ovzasına bağlayır”. Xülasə, ağadan əlimi üzüb, Bakıdan – bir az da genə qız məktəbindən söyləyək. Bəli, Hacı Zeynalabdin ünas məktəbini bina elədi. Dünyada bir murdar ad qalmadı ki, Bakı camaatı o məktəbə qoymasın. Qulağım belə sözlər eşidirdi ki, bütün bədənim titrəşirdi. Tək bircə nəfər Bakı əhlindən iki qızını o məktəbə qoydu, qalan qızlar Şəkidən, Gəncədən, Dağıstandan və sair yerlərdən gəldilər. Bir müddət keçdi! Bakı şəhər idarəsi müsəlman qızları üçün bir məktəb açdı. Məktəb açılan günü ağzınadək uşaq ilə doldu. Bir il keçdi, ikinci məktəb açıldı, o da doldu. Bir il də keçib, üçüncü məktəb açılıb, genə doldu. Bundan sonra sair şəhərlərdə, hətta kəndlərdə başladılar qız məktəbləri açmağa. Bu halda bir tək Bakı məktəblərində oxuyan qızların hesabı yüzdən artıqdır. İndi izin verin, bir söz soruşum: əvvəldə Tağıyevin örtülü məktəbinə qız verməyib, İndi qızlarının əllərinə kitab verib şkolaya göndərən atalar nə tərəfdarlarıdırlar? Bir vaxt olacaq, – çox uzaq da çəkmiyəcək, – görəcəksən təsəttüri-nisvanın ən mütəəssib tərəfdarı, məsələn: bir nəfər Kərbəlayı Fərzalı qızının qolundan yapışıb küçə ilə aparır və yolda öz dükan qonşusu Məşədi Meydanəli rast gəlir. Məşədi xəbər alır: “Kərbəlayı, bu uşağı haraya aparırsan?” Kərbəlayı: “Neyləyim, ay məşədi, Allah zəmanəni dağıtsın! İki qızım evdə böyüyüb qalıblar, hər kəs yaxınlarına düşmür, qardaşım oğluna istədim verəm, almadı, dedi: “Mən gərək oxumuş qız alam”. Gedib bir yəhudi qızı alıb gətirib. Bacım oğlanlarına yalvardım, onlar da özün bilərsən, biri bir nemka deyirlər, nə millət deyirlər alıb, biri də bir rus qızına uyub. Kənardan da gəlib istəyən yoxdur, çünki, əvvəla, cahillərimiz xarab olub və bir də deyirlər: “Əgər Kərbəlayı Fərzalının qızları yaxşıdırlar, niyə əmiləri, dayıları oğlanlarına getmirlər?” İndi əlacım kəsilib, aparıram o dağılmış şeytan yuvasına, bəlkə heç olmasa bu qız evdə qalmıya. Deməli, bu yerdə zərb zəgövkədən yağ çıxardır. Yuxarıda ərz etdim ki, mən nə qədər Islam ölkələrində səyahət etdim, bir əqidənin, bir məsləkin möhkəm tərəfdarını görmədim. Ona görə izin istəyirəm ki, burada bir haşiyə çıxım, sonra mərsiyəxanlar demiş, qarelərimə dua eləyim. İrin inqilabı, Səttar xan, Bağır xan, Mirzə Haşım, Cahangir xan, Tağızadə, Mir Həsən Müctəhid, Şeyx Fəzlullah... filan-filan... Azərbaycanda tökülən qanlar... hamının yadındadır. Kimi hürriyyətimüsavat, ədalət tərəfdarı olmuşdu, kimi istibdad; eşitdiyimiz istilahlar qulaqlarımızı dəng etmişdi: “İctimayuni-amiyun”, “Irticayun”, “İnqilabiyun”, “İsasiyun”, “Etidaliyun”... Nə bilim nə... işlər dəyişildi, Hacı Səməd xan Azərbaycana şah oldu, haman məşrutə yolunda canfəşanlıq edənlər hamısı bir dəfə bəstə girib məclisi-milli intixabını boykot etdilər və keçmiş “inqilabiyun”, “minqilabiyun” əvəzində İndi ancaq bir firqə görüb, o da “Cibişdaniyuni-amiyun”. İndi hər kim deyə bilər biz firqə, əqidə tərəfdarı olmağı bacarırıq, – buyursun: bu meydan, bu şeytan. Odur ki, eşidəndə filan məsələ üstündə firqələr əmələ gəlib, mənim gülməyim tutur və qəzetlər vuruşmasını da görəndə deyirəm: “Heyf kağız və qələm!”. İndi yəqin bildiniz ki, niyə mən bu barədə bir şey yazmaq istəmirəm. Bu haşiyəni burada qoyub, mətləbimizi tamam edək. İki il bundan əqdəm Tiflisdə. Şeytanbazarda “Müsəlman cəmaət evinin” (Narodni domin) rəsmi-güşadı idi. (Xəbər var ki, o da allahın rəhmətinə vasil olub). Orada bizim ədiblərdən Haqverdiyev cənabları bir uzun nitq ilə “Camaət evinin” açılmasını təbrik edib, nitqinin axırında dedi: “Həzərat! Insan elmin qüvvəti ilə cəmi yerin və göyün bəliyyətinin qabağına sədd çəkib və onlardan özünü mühafizə edir; amma təqazayi-zəmanənin qabağına sədd çəkmək olmaz; necə ki, elektrik qüvvəsi öz üburində uğraşdığı haili yandırıb keçir. Elə də təqazayi-zəmanənin qabağına sədd çəkmək istəyənləri əzib keçəcək”. Biz nə qədər danışaq, nə qədər vuruşaq, zəmanə öz işini görəcək və övrət məsələsini də layiqincə həll edəcək. Necə ki də edir; ildə bizə altı yüz ana verən haman zəmanədir. Ona görə övrət məsələsini bir yandan zəmanəyə buraxmalı. Və bir yandan da övrətlərin özlərinə vagüzar etməli, onlar özləri öz məsələlərini axırda bizdən yaxşı həll edəcəklər, çünki biz kişilərdən karvarbasdı olmaz! * * * Müsəlmanlarda teatro İslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar. Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi. Buna görə də biz Türkiyədə lazımlı dərəcədə bir teatro görə bilməyirik. Yüngül fransız məzhəkələri, fars, operetta – budur türk teatrolarının Əbdülhəmid sultanlığı zamanında göstərdikləri. Hərçənd türk dilində Şekspir, Şillerin təlifatı, tərcümələri var idi. Amma bunlar teatroya yaxın buraxılmazdı. Çünki böyük mütəfəkkirlərin təlifatı və ruhu ilə cəmaətə tərbiyə vermək Əbdülhəmid ruhuna və fikrinə müğayir idi. Unutmamalı ki, bu təlifatlar da Əbdülhəmidin sultanlığından, yəni Türkiyədən xaricə nəfy olunmuş Türkiyə yazıçıları tərəfindən tərcümə olunurdu. Türk teatroları 1907-ci il inqilabından sonra azadə nəfəs almağa başladı və burada da qarşıya teatro tamaşalarına dair təlifatsızlıq məmanəti çıxdı. Mən demək istəmirəm ki, Türkiyədə dram təlifatı yoxdur, xeyr, onlar çoxdur, amma onlardan heç biri teatroya və səhnəyə uyğun deyildir. Çünki Türkiyə teatrolarının sırasında ciddi teatro olmadığında görə müəlliflər öz təlifatını səhnədə görməyə ümidvar deyildir. Ona görə də öz kitablarını fəqət qiraət üçün yazırdılar, nəinki teatro və səhnə üçün. Bu yaxın vaxtlarda mən bir dram oxudum. O, min beş yüz səhifədən ibarət idi. Elə monoloqları var idi ki, iyirmi səhifədən ibarət idi. Aşkar idi ki, bu təlifatı səhnəyə heç bir cəhətlə mümkün deyildir. Müstəsna olaraq Namiq Kamalın vətənpərvəranə bir ruhda yazdığı “Vətən” faciəsini göstərmək olar ki, bu üzdən Əbdülhəmid zamanında onu səhnədə görmək olurdu və sami bəyin İki-üç faciəsini göstərmək olar. Bunlardan da aşkardır ki, bu azlıqda repertuar ilə səhnə irəliləyə bilməzdi və bilmədi də. Türkiyə inteligentsiyası darama təlifatını “ancaq qiraət üçündür”, deyə tərbiyə almışdır və indi də onun mündəricatı havi olduğu mətləb ilə maraqlanırlar. Nəinki səhnəyə vəzi ilə. Mən bu yavuq zamanda Türkiyənin “Darülbədaye” adında teatrosunun Bakıya gəlmiş aktyoru ilə müsahibədə bulundum. Bu teatro Türkiyədə təzə sənayei-nəfsəyə bina qoymuşdu və gələ-gələ böyük ümid verir. Türkiyədə drama məktəbi yoxdur. “Darülbədayeni” idarə edənlər Fransa və Almaniyada tərbiyə almışlardır. Əsərlər Zidd Sürgün Əhatə edən Qoyuluş İncəsənətdir Bunun üçün Avropa repertuarına artıq əhəmiyyət verirlər, nəinki Türkiyə həyatından yazılmışlara. Neçə il bundan əqdəm Tiflisdən türk aktyorları İstanbula gedib Azərbaycan müsənniflərinin qələmə aldığı pyesləri səhnəyə vəz etmişlər. Nəticə nə olmuşdur? Türkiyə qəzetləri etiraf etmişlər ki, Azərbaycan teatrosu Türkiyə teatrosunu adlayıb irəli getmişdir. Türkiyədə teatro axır vaxtlara kimi bu haldadır. Orta Asiya bu vaxta qədər öz dramaturquna malik deyildir. Yerli müsəlmanların arasında teatro 1905-ci ildən sonra meydana gəlmiş və Azərbaycan müəlliflərinin yazdığı pyeslər ilə doyuzdurulur. Volqaboyu tatarlarının 1905-ci ilədək nə teatro, nə də repertuarları olmuşdur. Kazan, Ufa, Orenburq mətbəələri, demək olar ki, ancaq Quran və dualar təbi ilə məşğul idilər. Rəsmi surətdə “Müsəlmanlara bərəks misyoner cəmiyyəti”, başda İlminski çalışırdı ki, tatar xalqını və sənayei-nəfisəni qaranlıqda saxlayıb, onları ancaq xaçpərəstlik ilə işıqlandırsınlar. Amma şəkil 1905-ci ildən bəri dəyişir. Əgər biz taraca təb və nəşr olunmuş ədəbiyyatı alıb baxsaq, 1905-ci ildən bəri tarixi görəcəyiz. Bu ildən, teatro ədəbiyyatı və teatro intişara başlayır. İndi tatarlarda bir çox sənayei-nəfisə qanununa müvafiq pyeslər vardır və əgər biz desək ki, bu az müddətdə, yəni on beş il ərzində tatarlar teatro və ədəbiyyat cəhətcə bizdən irəli getmişlər, Azərbaycan müəlliflərinin şəxsiyyətinə toxunmamalıdır, bəlkə tatarlara həsəd aparmalıdır. Tatar pyeslərinin arasında hərçənd ruscadan tərcümələr görünürlər, amma pyeslərin çoxu tatar həyatından yazılmışdır. Buna diqqət etməli və biz də belə etməliyik. Artıq xoş halda bilümum türk ədəbiyyatı və bilxüsusi türk teatrosu olmuşdur. Azərbaycan mərkəzdən uzaq olduğuna və müsəlman məmləkətləri Iran və Türkiyəyə yavuq olduğuna və az zaman bundan qabaq Rusiyaya mülhəqq olduğu üçün türklər və Volqaboyu tatarlar çəkdikləri qədər sıxıntı çəkməmişlər. Doğrudur, qəzetə və jurnal təb və nəşr etmək izni verilmirdi. Lakin kitab nəşr etmək heç olmazsa senzor izni ilə mümkün idi. Məlumdur ki, əgər köhnə üsuli-idarə qalardısa və 1905-ci il inqilabı olmazdısa, türklər də tatarlar keçirən günləri keçirəcəklərdi. Türk teatrosu üçün 1905-ci ildən sonra çox işlər görüldüsə də, amma 1917- Ümumən ci il inqilabı onun yolunda olan bütün məmanətləri rəf etmiş və onun möhkəmlənməsinə səbəb olmuşdur. Türk teatrosu barəsində, onun keçmişindən, İndisindən və gələcəyindən və gələcək məramından jurnalımızın gələn sayında bəhs edəriz. Çünki bu, Azərbaycan üçün həyati məsələdir və bunun barəsində ətraflıca danışmalıdır. * * * Beş il On doqquzuncu ilin fevral ayının soyuq bir sübhü idi. Saat səkkizdə məni ev sahibinin telefonuna çağırdılar. Telefonu qulağıma tutub qabaqca ağlar bir səs eşitdim. Qolum boşaldı, ürəyim döyünməyə başladı. Ağlamaq arasından bu sözləri eşitdim: – Əlbəttə, bu saat gələsiniz, bu gecə Əliqulu Nəcəfzadəni öldürüblər. Mən, doğrusu, inanmadım, çünki onun nə düşməni var idi və nə də ola bilərdi. Fövrən bir fayton tutub Moskovski küçəyə çatdım. Yolda xəyalıma gəldi ki, bəlkə onu “Molla Nəsrəddin” düşmənlərindən mütəəssibin biri öldürmüş ola, bu da başqa yerdə mümkün olsaydı da, o vaxt Tiflisdə mümkün deyildi. Mənzilə daxil olub, mərhumun qardaşı Rzaqulunu və dostu Zeynal Məmmədovu – hər birini bir küncə qısılıb ağlayan gördüm. O biri otağa keçib gördüm: döşəmənin üstündə Əliqulu Nəcəfzadənin beşaltı güllə ilə deşilmiş nəşi düşüb, onun həmişə gülər dodaqları ki, lətifələr mənbəi idi, həmişəlik yumulub; onun həmişə fərəhlə dolu və gələcəyə ümidvar gözləri bir nöqtəyə dayanıb baxırlar, guya ki, mərhum, dünyaya, fələyə, təbiətə və cəmi məxluqata mühüm bir sual verib, cavab gözləyir: – Əcəba, məni nə üçün öldürdülər?! Menşevik Gürcüstan qaradovoyunun bir nəfər aciz, zəif, şikəst Azərbaycan mühərririnin bədənində öz tapançasının zorunu sınamaq fikri olub! Ömründə Əliqulu səhnə görməmiş, ilk dəfə səhnəyə çıxıb tamaşaçıları heyrətə gətirdi. Bakı teatr sevənlərindən onu hər kəs “Ölülər” komediyasında Şeyx Nəsrulla rolunda görüb, İndi də xəyalından çıxartmayıb. Gözəl natiq, şirin zəban, dərin fikirli, geniş məlumat sahibi və Qeyd: jurnalın cəmi bircə nömrəsi çıxmışdır insanı təəccübə gətirən hafizəli bir vücud idi ki, uşaqlığından axır gününədək hər nə əşar oxumuş idisə, hamısı hafizəsində idi. Əliqulu Nəcəfzadəyə dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi. Ona mən “Molla Nəsrəddin” məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm. Heyf olsun bivəxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir. Bununla onun nəcib ruhunu təmin edirik. * * * “Pəri cadu” haqqında qeydlər Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir. İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur. * * * Ən qədimdən insanlar iki bərəks və əsas qüvvələrin çarpışmasına və mübarizəsinə etiqad bağlamışlar. Insan beləliklə öz təbiətində olan iki mübariz qüvvəni ki, biri ola nəfs və o birisi əqli-səlim, özündən kənarda bulunan İki qüvvənin təsiri bilərək, bu qüvvələrə cisim geyİndirib allahlıq mərtəbəsinədək yüksəltmiş. Xeyir allahı ilə şər allahı həmişə vuruşmada olublar. İranda Hürmüzd və Əhrimən adında iki allah ki, biri zülmət və biri nur allahıdır, həmişə mübarizədədirlər və əqidələrinə görə də mübarizənin axırında Hürmüzd Əhrimənə qalib gələcək və həmişəlik yer üzündə nurisəltənət edəcəkdir. Bütpərəstlik aləmində və vəhşi xalqlar arasında da bu İki qüvvəyə etiqad var. Camaatın canına, əmlakına gələcək bir bəlanın rəfi üçün şər allahına qurbanlar kəsib, onu özlərindən razı edirlər. Bir allaha sitayiş etməyi qəbul etdikdən sonra yenə bu İki əsas qüvvənin varlığını başlarından çıxara bilmədilər. O di ki, qaranlıq və zülmət əvəzinə allah və şeytan məsələsini ortalığa atdılar və bu İki qüvvə islam, xaçpərəst, yəhudi camaatları arasında indi də vaqedir. * * * Artistlik sənəti haqqında Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla. Artist Sidqi Ruhullaha vəsiyyətim: artistliyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına qəyuranə. davam edib mərdanə getməyin axırda işıqlı bir mənzilə yetirməyi şübhəsizdir. Həmişə xəyalın bu yerdə olsun ki, bu gün dünəndən yaxşı oynayasan. Çünki artist nə qədər yaxşı oynasa, gərək bilsin ki, daha yaxşı oynamaq mümkündür. Qürurla, mərdliklə * * * Abbas Mirzə Şərifzadə haqqında 1 Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət! 2 ...Aktyor ömründə 20 illik yol uzun bir yoldur. Türk aktyorunun ömründə isə bu yol iki və üçqat uzundur. Türk aktyorunun yolunun İki tərəfi istehzadan, həqarətdən yapılmış, sərac yol özü isə iti tikanlar ilə döşənmiş çuxurlardan və uçurumlardan ibarətdir. Abbas Mirzə ətrafını çulğalayan bir böylə maneələrə baxmayaraq, müstəqim, mətin, ümidlə dolu bir ürəklə bu uzaq yolu qəhrəmanlıqla keçib türk səhnəsində parlaq bir məkan tutmuşdur. Səhnəyə qədəm qoyandan İndiyədək Abbas Mirzə Şərifzadə rol arxasınca gəzməmiş, həmişə rol onu axtarmış, tədriclə bir məktəb uşağıdək xırdaca rollardan başlamış, axırda bu mövqeyə çatıb türk səhnəsinin zinəti və Avropa miqyasında tanınan aktyoru olmuşdur. Nadir şah, Ağa Məhəmməd şah, Pərviz, Nəcəf bəy, Aydın, Oqtay və axırda Otello və Hamlet rollarını məharətlə yaratmışlar. Türk aktyoru heç vaxt aristokrat və burjuaziya sinfinə xidmət etməmişdir. Teatromuzun həyatının şahidləri onu təsdiq edirlər. Aktyorun xidməti həmişə kütləyə oldubdur. Aristokratlar və burjuylar aktyordan həzz aparırdılarsa, o həzzi lotu Cabarlardan apardıqları həzzdən ayırmamışlar. Kütlə isə həmişə aktyoru özünə oğul, ata və müəllim bilibdir. Odur ki, zəhmətkeş sinfi hökuməti öz əlinə alarkən aktyora layiq olduğu məqamı verdi və öz aktyorlarını vaxtı-vaxtında ürəkdən təbrik etməməkdədir. Aprel inqilabından sonra Abbas Mirzə səyini onqat artırıb zəhmətkeş sinfə xidmət etmiş, xalqın sevimlisi olmuşdur. * * * Mirzə Fətəlinin faciəsi Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”. Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?” Molla Nuru cavab verir: “Bəli, mənim hünərim fil-həqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdır ki, onun təsirini qəbul edə. Habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?” Bundan böyük faciə olarmı? Mirzənin yazdıqlarını, söylədiklərini nəinki anlayan yox idi, hətta onun komediyalarını para ilə alıb yandırmağı hər bir “müsəlman” səvab əməl hesab edirdi. 1849-cu ildə canişin Voronsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları çox tezlikdə işə başladılar. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı... Bu da bir faciə. Daha bir faciə. Mirzə Fətəli ömrünün axırına qədər öz əsərlərini Azərbaycan dilində səhnədə görməyə müvəffəq olmadı. 1873-cü ildə Bakıda birinci dəfə olaraq Azərbaycan dilində “Hacı Qara” komediyasının oynanılmasının xəbərini Həsən bəy Zərdabidən alıb, ona belə bir cavab verdi: “Mən qocalmışam və qəbr evinə yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün on sənə daha uzanmasına səbəb oldu”. On il yox, beş il ondan sonra Mirzə arzuları, əməlləri ürəyində qalaraq, gözlərini həmişəlik yumdu. Mirzənin vəfatı da faciəsiz keçmədi. Şeyxül-islam Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən Mirzə ilə çox müsahiətdə olduğumdan onun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni onun namazını qılmaqdan imtina etməyə məcbur edir”. Bu sözü eşidib qalan mollalar da Mirzənin namazını qılmaqdan boyun qaçırtdılar. Mirzəyə namaz lazım deyildi. Fəqət bu, onun əqrəbası üçün bir nisgil oldu. Çox danışıqdan sonra əməleyimövtadan Molla Hüseyn adlı bir kişi gedib onun namazını qıldı. Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini yerdən götürmək istəmədilər. Üç gün cənazəsi evdə qalandan sonra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. “Möminlər” onun cənazəsinin dalınca da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, onu qəbrə qoymağa razı oldular. Bununla belə, Mirzə naümid getmədi. Gələcəkdə ona qiymət veriləcəyinə xatircəm idi. Əsərləri çap olunan qəzet parçalarını, aldığı məktubları yığıb saxlaması buna şahiddir. Həmin parça kağızların hər birinin bir qiymətli şey olacağını Mirzə yəqin etmişdir. Mirzənin dedikləri doğru çıxdı. Zəhmətkeş hakimiyyəti zamanında o artıq qiymətləndi... Onun üçün abidə tİkildi, onun şərəfinə bir çox təntənəli iclaslar düzəldi. Bir çox müəssisələr onun adı ilə adlandı. Budur, böyük bir elm işçisinin zəhmətkeşlərdən aldığı mükafat! * * * M.F.Axundovun həyat və fəaliyyəti 1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi. Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur. Dramaturqun atası mirzə Məmmədtağı 1811-ci ildə Təbrizin yaxınlığındakı Xamnə qəsəbəsindən Nuxaya gəlib, o zaman Nuxada məşhur olan Molla Ələsgərin qardaşı qızı ilə evlənmişdi. Mirzə Fətəli həmin bu nikahdan doğulmuşdur. Uşaq doğulduqdan iki il sonra Mirzə Məmmədtağı arvadını və uşağını götürüb Xamnəyə getdi. Sən demə onun burada başqa bir arvadı da varmış. Axundovun anasının həyatı ərinin evində dözülməz bir vəziyyətdə keçdiyi üçün dörd ildən sonra, o, o zaman Ərdəbildə yaşayan əmisinin yanına geri göndərilməsini ərindən xahiş etdi və altı yaşlı uşaq da anası ilə birlikdə oraya gəldi. Bundan sonra onun atası haqqında heç bio şey məlum deyildir. Çox keçmədən Mirzə Fətəlinin anası da öldü və Molla Ələsgər uşağın tərbiyəsi ilə şəxsən özü məşğul oldu. Bir il sonra Molla Ələsgər ona Quran oxumağı öyrətdi, sonra isə fars və ərəb dillərindən dərs deməyə başladı. Molla Ələsgər öz zəmanəsində elmli, ərəb və fars dillərini, fiqhi dərindən bilən bir şəxs hesab olunurdu. O, Fətəlini oğulluğa götürdü və bundan sonra Fətəli xalq arasında “Molla Ələsgər oğlu” adı ilə tanındı. 1825-ci ilə kimi Molla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təkrar Qafqaza gəlib Gəncə şəhərində sakin oldular. Bir il sonra Şahzadə Abbas Mirzənin başçılığı ilə İran qoşunları Qarabağ və Gəncə üzərinə hücum etdilər. İran və rus qoşunları arasında qızğın döyüş başlandı. Döyüşlərin xüsusilə qızğın aparıldığı Gəncə şəhəri dəfələrlə əldənələ keçdi. Geri çəkilməyə məcbur olan İran qoşunları dinc əhalini talan etdilər və onlar şəhərdən çıxdıqdan sonra Molla Ələsgər tamamilə müflisləşdi və əlində qalan cüzi əmlakını satıb çox çətinliklə vətəni Nuxaya qayıtdı. 1833-cü ildə Məkkə ziyarətinə gedən Molla Ələsgər Mirzə Fətəlini yenidən Gəncəyə gətirdi, Molla Hüseyn adlı birinin evində qoyub, məntiqdən və fiqhdən ona dərs deməyi tapşırdı. Molla Ələsgərin məqsədi Mirzə Fətəlini də özü kimi molla etmək idi. Lakin xoşbəxt bir təsadüf onun bu niyyətinə mane oldu. Məşhur filosof və mütəfəkkir Mirzə Şəfi bu zaman Gəncə məscidinin hücrələrinin birində yaşayırdı. Həmin mirzə Şəfi nəstəliq xətti ilə yaxşı yazması ilə də məşhur idi. Mirzə Fətəli Mirzə Şəfinin yanına gedib ondan nəstəliq dərsi alırdı. O, Mirzə Fətəlinin son dərəcə istedadlı olduğunu hiss edib, bir gün ondan məqsəd və arzularının nədən ibarət olduğunu xəbər aldı. Mirzə cavab verdi ki, onun məqsədi molla və mollalıqla güzəran keçirməkdir. Buna cavab olaraq Mirzə Şəfi ona belə bir sual verdi: “Sən də bu mollalar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Mirzə Şəfi qısa bir müddətin içərisində Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişdirdi, rus dilini öyrənib Dövlət idarələrində qulluğa girməyi ona məsləhət gördü. Molla Ələsgər Məkkədən qayıtdıqdan sonra gördü ki, qardaşı nəvəsinin dünyagörüşündə, əqidə və etiqadında dərin dəyişiklik yaranmışdır. Bu zaman rus hökuməti Nuxada “Qəza məktəbi” açmışdı. Mirzə Fətəli atalığından inadla xahiş etdi ki, onu bu məktəbə qoysun. Yaşı çox olduğu üçün o, məktəbdə ancaq bir il oxuya bildi və yüksək bacarığı sayəsində rus dilini birtəhər öyrəndi. Molla Ələsgər 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib, onu Şərq dilləri mütərcimliyinə təyin etmək və rus dilini öyrətmək üçün ona rəhbər ayırmaq xahişi ilə o zamankı canişin baron Rozenə ərizə verdi. Baron Rozen Molla Ələsgərin xahişini qəbul etdi. Mirzə Fətəli Qafqaz canişinliyi dəftərxanasında mütərcim təyin edildi və ömrünün axırına kimi bu vəzifədə çalışdı. Baron Rozendən sonra Qafqaz canişinliyinə Voronsov təyin olundu. Öz komediyalarının müqəddiməsində Axundov yazır: “1849-cu ildə canişin knyaz Voronsovun sərəncamı ilə Tiflisdə teatr adlandırılan bir bina tikildi”. Yerli dillərdə repertuar tərtib etmək üçün canişin üç ko- Ə.Haqverdiyev, Mirzə Fətəlinin əsərlərindən gətirdiyi sitatları sərbəst götürdüyü üçün bir də həmin sitatları mənbələrindən götürməyib, məqalədə olduğu kimi tərcümə etdik misyon: gürcü, erməni və Azərbaycan komisyonları yaratmağı əmr etdi. Azərbaycan komisyonunun təşkili Mirzə Fətəliyə tapşırıldı. Axundov, azərbaycanlıların içərisində başqa adam tapmadığı üçün özü komediya yazmağa başladı və bir ilin içərisində üç komediya: “Kimyagər”, “Müsyö-Jordan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1267, hicri, 1850/51) əsərlərini, 1851-ci ildə “Hekayəti-xırsquldurbasan”, 1852-ci ildə “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara), 1855-ci ildə “Təbriz vəkilləri” komediyalarını yazdı. Mirzə Fətəli yazmışdır: “Altı komediya və bir hekayə yazaraq başqa müəlliflər kimi mən, oxuculardan nöqsanlarımın bağışlanmasını xahiş etmirəm. Mən onlardan xahiş edirəm ki, bu növ ədəbiyyatla tanış olsunlar və bu cür ədəbiyyatın xalq içərisində yayılmasına çalışsınlar. Mən bir təşəbbüskar kimi ancaq bunun nümunəsini verirəm”. O zaman Azərbaycan ədəbiyyatı nə vəziyyətdə idi? İranın lirik şairləri Sədi və Hafizin təsiri altında inkişaf edən poeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-fır fırlanırdılar. Ədəbiyyatın başqa formaları haqqında nə şairlərin, nə də ki, xalqın təsəvvürü var idi. Belə bir zamanda Mirzə Fətəli dram ədəbiyyatının “nümunəsini” yaratdı. Lakin bu komediyalar qələm təcrübəsi deyil, istedadla yazılmış əsərlərdir, yaradıcılıq inciləridir. Mirzə Fətəli Axundovun ardıcılı olan hər bir dramaturq bunlara qibtə edə bilər. 75-78 il yaşamalarına baxmayaraq, adam bu komediyalara, xüsusən daim cavan olan “Hacı Qara” komediyasına maraqla tamaşa edir. Teatr görmədən (o zaman Tiflisdə teatr yox idi), səhnə ilə qətiyyən tanış olmadan, Qoqol və Molyerin əsərlərindən başqa heç bir şeylə tanış olmadan belə nümunəvi komediyaları ancaq Mirzə Fətəli Axundov kimi çox böyük istedada malik bir adam yaza bilərdi. Mirzə Fətəli Axundov Avropa mədəniyyətinin qızğın tərəfdarı olduğu üçün, həmişə öz vətəndaşlarını bu mədəniyyətə qovuşdurmaq arzusu ilə yaşayırdı. O yazmışdır: “Kim mədəniyyətin və sivilizasiyanın tərəfdarıdırsa – mən onun quluyam; kim mədəniyyətin və sivilizasiyasının əleyhinədirsə – mən ondan uzağam”. Mirzə Fətəli belə hesab edirdi ki, müsəlmanların geridə qalmasına onların əlifbası səbəb olmuşdur, buna görə də o, əlifbanın islahına girişdi. O, soldan sağa yazılan əlifbanın tərəfdarı idi və hətta Avropa əlifbasına keçməyi təklif edirdi; o, ərəb əlifbasının islah edilməsinin xeyri haqqında İran maarif nazirinə göndərdiyi yazılı məruzədə belə əlifbanın sağdan sola yazılan əlifbadan üstün olduğunu sübut edirdi. O yazırdı: “Hər bir şəxsə məlumdur ki, soldan sağa xətt çəkmək sağdan sola çəkməkdən asandır”. Lakin eyni zamanda o, qeyd edirdi ki, halhazırda bunu həyata keçirmək bizim qüvvəmiz xaricindədir, çünki bizim xalqımız qaz lələyindən qayrılmış pero ilə yazmağı bacarır, dəmir pero ilə yazmır, duru mürəkkəb deyil, qatı mürəkkəb işlədir, stol üstündə yazmağı bacarmayır, dizləri üstə yerə oturaraq ikiqat əyilib yazır və i. a. Buna görə də o, müvəqqəti olaraq özünün düzəltdiyi əlifbanı tövsiyə edir və sağdan sola yazmağı təklif edirdi. Mirzə, bununla sadəcə olaraq, kütlələrin cəhalətini nəzərə alırdı, çünki soldan sağa yazmaq təklifinə avam kütlə müsəlman dininin əsasını pozmaq kimi baxa bilərdi. O zamanın şəraitinə görə, Axundovun təklif etdiyi əlifba, ancaq Türkiyə və İran tərəfindən qəbul olunduqdan sonra tətbiq edilə bilərdi. Odur ki, 1863- cü ildə Axundov Istanbula gedib, öz əlifbasını Türkiyə maarif nazirliyinə təklif etdi. Vaxtı ilə Iranın Zaqafqaziyada baş konsulu olmuş Hüseyn xan adlı birisi bu zaman türk sarayı nəzdində elçi idi. Sən demə, “Sərgüzəşti-vəzirixani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarına görə onun ürəyində Axundovla ədavəti var imiş. Ona elə gəlirmiş ki, bu pyeslərdə fars xalqının ləyaqəti təhqir olunur. Bundan heç bir xəbəri olmayan Mirzə Fətəli Axundov İstanbula gələndə Hüseyn xanın evinə düşdü. Hüseyn xan bir tərəfdən Axundovu evində qonaq saxlayıb ona hər cür hörmət edirdi, o biri tərəfdən isə Türkiyə nazirlərini və maarif nazirliyinin “elmi şurasının” üzvlərini inandırırdı ki, Axundov dindən üz döndərib, kafirdir. Mirzə bundan xəbər tutan kimi dərhal Hüseyn xanın evindən köçüb başqa yerdə sakin oldu. O cənabın fitnəkarlığı nəticəsində “elmi şura” Axundovun əlifbasını rədd etdi, Mirzə nəticəsiz geriyə qayıtdı. Tiflisə qayıtdıqdan sonra, Mirzə Fətəli Axundov ərəb əlifbasının nöqsanları haqqında bir kitabça yazdı və düzəltdiyi əlifbanı da ona əlavə edib Tehrana göndərdi, lakin oradan cavab belə almadı. İctimai həyat səhnəsinə atıldığı ilk gündən etibarən Mirzə Fətəli Axundov xalqın avamlığına, cəhalətinə və mövhumi adətlərə qarşı amansız mübarizəyə başladı. O, ruhanilərlə, şeyxül-islamla daim dini mövzularda mübahisələr edir və dini ehkamların şərhində onların cahil olduğunu məntiqlə sübut edirdi. Əslində o, materialist olduğu üçün heç bir dini qəbul etmirdi. O zaman Mirzə Fətəlinin yerinə kim olsaydı, avam kütlə onu parça-parça edərdi, çünki o vaxt elə bir zaman idi ki, xalqın cəhaləti son dərəcə güclü idi və ruhanilər xalqın ağlını istədikləri tərəfə istiqamətləndirirdilər, xalq onların arzularına kor-koranə tabe olurdu. lakin Axundov elə bir zamanda yaşayırdı ki, o zaman qəza idarəsinin miskin mütərcimi yenilməz böyük bir şəxs idi, Qafqaz canişinliyi dəftərxanasının mütərcimi isə elə bir sima idi ki, ruhanilər onunla hesablaşmaya bilməzdilər. Beləliklə, Axundovun qulluğu onu xilas edir və ideyalarını yaymaq üçün imkan yaradırdı. 1878-ci il, fevralın 28-də Mirzə Fətəli Axundov vəfat etdi. Mirzə Fətəlinin ölümünü şeyxül-islam Molla Əhmədə xəbər verdikdə o, belə dedi: “Mən Mirzə Fətəli ilə tez-tez söhbət etmiş, dini və başqa mövzularda mübahisələr etmişəm, mən onun din haqqında olan nöqteyinəzəri ilə tanışam, buna görə onun namazını qılmaqdan imtina edirəm. Başqa mollalar da şeyxül-islamın ardınca gedərək, onun cənazəsi üzərində namaz qılmaqdan imtina edirlər. Uzun minnətlərdən sonra şeyxül-islam məscidin xadimlərindən biri Molla Hüseynə tapşırdı ki, gedib Mirzənin nəşi üzərində “bir neçə söz desin”. Mollaların yoldan çıxardığı Tiflis əhalisi onun nəşini qəbiristanlığa aparmaqdan boyun qaçırtdı. Böyük mütəfəkkirin nəşi üç gün evdə qaldı. Nəhayət, Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat verməli oldular. Mirzə Fətəli Axundov Azərbaycan xalqının arasında bir növ diyakon idi: o, gündüzlər əlində fanar xalqın arasında gəzib “adam axtarırdı” və onu tapmırdı. Bu tənhalıq onu olduqca sıxırdı. Özünün bu mənəvi faciəsini o, qəhrəmanlarından biri, “Kimyagər” komediyasındakı şair Hacı Nurunun dili ilə ifadə etmişdir. Şair Hacı Nuru, iksirin köməyi ilə kimyəvi üsulla adi metaldan hasil etdiyi gümüşü Molla İbrahim Xəlildən ucuz qiymətə almaq üçün onun yanına getməkdən ötrü toplaşan nuxalıların yanına gələrək, onlara bu fikirdən əl çəkməyi məsləhət görür və izah edir ki, hər kəsin öz sənəti özünə iksirdir, bura toplaşanların hamısı ona görə yoxsuldur və ona görə vəsaitə ehtiyacları vardır ki, öz peşələri ilə məşğul olmurlar: birinin atası dəllək idi, o isə həkimliklə məşğul olub, adamları dəstədəstə o dünyaya göndərir; biri vaxtilə əkinçilik edərdi, İndi isə torpağını atıb qeybətlə, xəbərçiliklə məşğul olur. Bu zaman toplaşanlardan biri Hacı Nuruya belə bir sual verir: “Siz iksir haqqında danışırsınız. Siz şairsiniz, sizin sənətiniz şairlikdir, nə üçün sizin şeriniz iksir deyildir və bizim kimi sizin də vəsaitə ehtiyacınız vardır”. Hacı Nuru cavab verir: “Mənim iksirimin təsirini qəbul etmək üçün müvafiq metal lazımdır, nə qədər axtarıram o metalı tapa bilmirəm. Buna görə də mən yoxsulam”. Mirzə Fətəli öz iksiri ilə gəzərək, bütün ömrü boyu xalqın cəhaləti ilə, mövhumi adətlərlə amansız mübarizə aparmış, öz xalqını sivilizasiyaya, Avropa mədəniyyətinə qovuşmağa çağırmış, xalq isə onu başa düşməyib, dinin düşməni adlandırmışdır. Onun komediyaları 1859-cu ildə ilk dəfə Azərbaycan dilində nəşr olundu. Halbuki onun komediyalarının rus və gürcü dillərinə tərcümələri hələ 1853-cü ildə nəşr edilmişdi. Onun əsərlərini alıb yandırmağı hər bir mömin müsəlman özü üçün böyük savab hesab edirdi. Mirzə Fətəli öz təbiəti etibarilə yumşaq, hazırcavab, sakit və insanlara inanan bir adam idi. Mübahisə zamanı, xüsusən dini mövzularda gedən mübahisələrdə, mübahisəyə girişənlər ağızları köpüklənəköpüklənə qışqırıb özlərindən çıxdıqları halda, Axundov, ona endirilən zərbənin hamısını sakit tərzdə dəf edirdi. Kömək üçün ona müraciət edənlərin heç biri razı salınmamış geri qayıtmırdı. Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı. Qardaşı oğlu Behbudun taqsırı üzündən Zakir oğlu və qardaşı oğlu ilə birlikdə Sibirə sürgün edilməyə məhkum olunduqda, Mirzə günahsız müqəssirləri müdafiə etdi. Nəticədə Zakirin Sibirə sürgün olunması haqqındakı hökm polisin nəzarəti altında yaşamaq şərti ilə dörd aylığa Bakıya sürgün edilmək hökmü ilə vəz olundu, oğlu və qardaşı oğlu isə vətənlərinə qaytarıldı. Axundovla Zakirin arasında mənzum və mənsur məktublaşma həmişə davam etmişdir. Hətta rəvayət var ki, Mirzə Fətəlinin “Hacı Qara” və “Müsyö Jordan” komediyalarının süjetini Zakir vermişdir. Bu mühüm məsələ dramaturqun arxivi açıldıqdan sonra məlum olacaq. Hələlik bu arxivin alınması haqqında danışıq gedir. Müəllif, Hacı Nurunun cavabını qısaltmış, bir qədər mətndən uzaqlaşmışdır.Həmin cavab əslində belədir: “Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki söz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdır ki, onun tərkibini qəbul edə: habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zaman ki, mənim bəxtimdən həmşəhərlərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var, bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir”. Mirzə Fətəli Axundov altı komediya və “Aldanmış kəvakib” adlı bir hekayə yazmışdır. Bu yaxınlarda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri yoldaş Ağamalıoğlu onun “Kəmalüddövlə və Cəlalüddövlə məktubları” adlı əsərinin əlyazmasını tapıb ayrıca kitabça kimi nəşr etdirmişdir. Axundovun müsəlmanlığa və dinə olan münasibəti burada çox aydın müəyyən edilmişdir. Bu əsərində o, həqiqi materialistdir, bunun üçün də vaxtilə ruhanilər tərəfindən təkzib edilirdi. Axundovun komediyaları Qoqol və Molyerin təsiri altında yazılmışdır. Bəzi mühərrirlər onu Azərbaycan Molyeri adlandırırlar. “Aldanmış kəvakib” hekayəsini rus dilinə tərcümə edən Falev isə ona Azərbaycan Qoqolu adı vermişdir. Onların hamısı haqlıdır: “Aldanmış kəvakib” hekayəsində və “Təbriz vəkilləri” komediyasında o, Qoqoldur, qalan komediyalarında isə Molyerdir. Mirzə Fətəli Axundov birinci zərbəni xalqın cəhalətdə qalmasının başlıca müqəssirləri olan ruhanilərə endirmişdir. Molyerin “Tartüf” əsərinin təsiri altında o, gecə-gündüz dua oxuyaraq din pərdəsi altında gizlənən, həyasızcasına xalqı aldadıb soyan fırıldaqçı Molla İbrahim Xəlil və onun köməkçisi Molla Həmid surətlərini yaratmışdır. Molyerin “Xəsis” əsərinin təsiri altında o, “Sərgüzəşti-mərdi-xəsis” pyesində ölməz Hacı Qara surətini yaratmışdır. O Hacı Qara ki, İrandan gətirdiyi qaçaq mal əlindən çıxır, ancaq qəza rəisinə yalvarır ki, onun cibindən çıxardıqları on qəpiyi özünə qaytarmağı adamlarına əmr etsin. Mirzə Fətəli öz dövrünün heç bir bacarığı olmayan, başqalarının hesabına yaşayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, bununla da özlərini qoçaq göstərmək istəyən bəylərini də az tənqid etməmişdir... Müəllif, xalqın müxtəlif cadugərlərə və cadugərliyə inanmasına gülürdü. Onun “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” pyeslərində Iran məhkəmələri və məmurların rüşvətxorluğu ifşa edilir. O zaman qadın surətlərinin yaradılması ədəbiyyatda böyük bir inqilab idi. Axundovun pyeslərindəki qadınlar kişilərdən daha ağıllı, gözüaçıq və düşüncəlidirlər. Qadınlarla kişilərin arasında gedən mübarizələrdə, “Müsyö Jordan” və “Vəziri-xani-Lənkəran” pyeslərində olduğu kimi, qadınlar qalib gəlirlər. Mən deməliyəm ki, Axundovun komediyalarındakı tiplər uydurulmamışdır, bilavasitə həyatdan götürülmüşdür. Komediyalarda verilən şəxslər, həqiqətən, həyatda yaşamışlar. Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar. Molla Xəlil kimyagərin nəvəsi ilə mən özüm Tiflisdə tanış olmuşam. O, orada həvəskar artist idi. Hələ Axundov anadan olmamışdan əvvəl vəfat edən Vaqifin şeirlərində Müsyö Jordan və Hətəmxan ağa haqqında işarələr vardır. Lakin onlardan həqiqi, ölməz surətlər yaratmaq üçün Axundov istedadı lazım idi. M.F.Axundov ədəbi fəaliyyəti ancaq komediyalarla məhdudlaşmırdı. O, “Qafqaz” qəzetində ictimai mövzularda məqalələr dərc etdirmiş, 50-ci illərdə Tiflisdə çıxan “Zurna” almanaxında Ağa Məhəmməd şahın Şuşada öldürülməsinin ətraflı təsvirini vermişdir. Axundov poeziyaya da yabançı deyildi, onun Azərbaycan və fars dillərində bir neçə şeri vardır. Axundovun əsərləri əvvəlcə rus və gürcü dillərinə tərcümə edilmişdi. “Hekayəti-Müsyö-Jordan həkimi-nəbatata” və “Vəziri-xaniLənkəran” pyesləri erməni dilinə də tərcümə edilmişdir. Rus və gürcü tərcümələri nəşr olunmuş, ermənicə tərcümə olunmuş pyeslərin birinin üstündə Axundovun şəxsən yazdığı bir qeyd var: “Satenik xanıma icazə verirəm ki, bu pyesi öz benifisinə tamaşaya qoysun. Müəllif Axundov, 1874-cü il”. Belə bir orijinal istedadın meydana çıxması o zamankı rus ədəbiyyatçılarının nəzərindən qaçmadı. 1853-cü ildə “Russki İnvalid” qəzetində Axundovun əsərlərinin təhlilinə həsr olunmuş məqalə buraxılmışdır. Həmin məqaləni “P.L.” imzası ilə yazan naməlum bir ədəbiyyatçı həyəcanlı bir tərzdə qeyd edir ki, “yeni dram dühası, Azərbaycan Molyeri yaranıb, o öz kiçik vətənindən xaricdə də məhşurlaşdırılmağa layiqdir”. O zamankı Peterburq “uzaq ucqarın” yazıçısı ilə də maraqlandı. “Literaturnaya letopis”in yazdığına görə, onun “Müsyö Jordan” komediyası orada xüsusi səhnədə tamaşaya qoyulmuşdur. Axundovun komediyaları 1817-1874-cü illərdə Mirzə Cəfərin tərcüməsi ilə fars dilində Tehranda daş çapı ilə nəşr olunmuşdur. Avropa şərqşünasları bizim yazıçının əsərləri ilə bu tərcümənin sayəsində tanış olurlar. 1882-ci ildə Haqqarda və Strançe “Vəziri-xaniLənkəran” komediyasının fars mətninin ingiliscəyə tərcüməsini lüğət və qeydlərlə nəşr etdilər. Bundan sonra 1886-cı ildə Parisdə Barbie de Meynar “Jurnal aziatik” məcmuəsində “Kimyagər” komediyasını fransızca buraxmış və 1889-cu ildə o, “Hekayəti-xırsquldurbasan” komediyasını Azərbaycan dilində şərqşünasların Stokholm konqrasına təqdim etmiş, pyes Stokholm konqrası əsərlərinin birinci cildində çıxmışdır. Yenə də 1899-cu ildə Adolf Silyer “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarını fars dilində Parisdə nəşr etmişdir. Bundan başqa, Axundovun pyeslərinin ingilis və fransızcaya tərcümələrinin nəşrləri də vardır. Bizdə isə Axundovun əsərlərinin Azərbaycan dilində çıxmış nəşri artıq çox çətinliklə tapılır. Ancaq bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatı onun əsərlərini yeni əlifba ilə buraxmışdır. Mirzə Fətəli sağlığında əsərlərini Azərbaycana dilində səhnədə görməmişdir. İlk dəfə 1873-cü ildə martın 9-da “Hacı Qara” komediyası Bakıda Həsənbəy Məlikovun rəhbərliyi ilə realni məktəbin şagirdləri tərəfindən tamaşaya qoyulmuşdur. Həsənbəy Məlikovdan bu haqda məlumat aldıqda Mirzə Fətəli ona yazmışdır: “Mən qocalmışam, yaxında öləcəyimi gözləyirdim, ancaq bu xəbər mənim ömrümü on il uzatdı”. Lakin o, beş ildən sonra, 1878-ci il fevralın 28-də (köhnə hesabla) bütün həyatını və qüvvəsini mədəniyyətinin inkişafına həsr etdiyi xalq tərəfindən unudulmuş, tənha bir vəziyyətdə gözlərini həyata yumdu. Ölərkən onu ancaq ailəsi və iş yoldaşları əhatə etmişdi. Azərbaycanın bu böyük oğlunu layiqi ilə qiymətləndirmək üçün zəhmətkeşlər hökumətinin yaranması lazım imiş. * * * Mirzə Fətəli və ərəb əlifbası Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır. Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır. Ərəb əlifbasının dəyişilib və təzə bir şəkil almasının ilk tərəfdarı Mirzə Fətəli Axundzadədir. Mirzə, bu yola qədəm qoymasının səbəbini öz tərcümeyi-halında belə yazır: “Çun tafeyi-islamın miləli-müttəhidinə, dalda qalmasına səbəb əvvəl dini-islam və İkinci, əlifbayi-ərəbdir, o səbəbdən bu əlifbanın təğyiri yolunda çalışmamı vacib bildim”. Mirzə, əslən, soldan sağa yazmağın tərəfdarıdır. Hətta belə bir əlifba da təklif edirdi. Bu əlifbanı “Dan ulduzu” məcmuəsinin 12-ci nömrəsini oxuyanlar görmüşlər. Mirzə, İran Vəzarəti ülumuna göndərdiyi ərzi-halda belə yazır: “Bilmək lazımdır ki, hər gunə xətti sol tərəfdən sağ tərəfə çəkmək sağdan çəkməkdən asandır. Kağız üzərinə səttarə qoyub xətt çəkənlər bu keyfiyyətin dürüstlüyünü təsdiq edərlər. Bəs biz islam tayfası ki, xətti sağdan sola çəkirik, öz-özümüzü süubətə mübtəla edirik, amma nə etməli, taqsır bizdə deyil, atababamızdadır ki, sağdan sola yazmağı icad ediblər və biz bu gün bu rəsmin təğyirini öz qüvvəmizdə görmürük və bu cəhətdən ki, biz, sağdan sola yazırıq. Lazımdır ki, mürəkkəbimiz firənglərin mürəkkəbləri kimi cari və su kimi dolmasın, bəlkə çox qəliz və ipək sapa bulanmış olsun və həmçinin quş qanadından yapılmış qələmlə yazmağı bacarmırıq, naçarıq ki, qəmiş qələmlə yazaq. Həmçinin kürsüdə əyləşib masa üzərində yazmağı bacarmırıq, yerdə əyləşib, ikiqat olaraq dizimiz üstündə kitabət etməyə məcburuq. İkinci növ əyləşməyin birinci növ əyləşməyə nisbət məşəqqəti aşikardır. Əlavə, firənglər tək bir hərfi öz şəkli əslində yazsaq, hər dəfə qələmi kağızdan götürmək məcburiyyətində olacağıq və kağız hər iki və üç qat məsrəf olacaqdır. Görünür, ata-babalarımız bu əlifbanı icad edəndə iqtisad məsələsini nəzərə alıbdırlar. Əgər hərflərin şəkliəslilərini saxlamağı lazım bilsək, naçar gərək biz də firənglər kimi soldan sağa yazaq. O vaxt cəmi əşkalat rəf olar, amma dedik ki, bu növ təğyir ələz-zahir bizim qüvvəmizdə deyil, bəs gərək bir xətt icad edək ki, onun hər hərfinin ancaq bir şəkli olsun ki, çap işi də bir növ yüngülləşsin”. Burada Mirzə, təzə icad etdiyi əlifbanı göstərir. Bu əlifba, bir türk dili üçün olmayıb, ərəb və fars dilləri də nəzərə alınıb. O səbəbdən ərəb əlifbasının hamı hürufatı üçün, hətta sükun üçün də əlamət göstərilir. Vaxtın təqazasına görə təzə əlifbanın həyata keçməsinə osmanlı və İran hökumətlərinin savabdidləri olmasını yəqin edib. Mirzə 1863-cü sənədə Istanbula gedir və osmanlı hökumətinə əlifbasını ərzi hali ilə bahəm təqdim edir. “Cəmiyyəti-elmiyyəyi-osmaniyyə” neçə gün bu əlifbanın tədqiqinə məşğul olub, hüsni-rəğbət də göstərir və axırda “bunun vaxtı hala yetişməmiş” deyib, əlifbanı rədd etdilər. Bu yerdə Istanbulda müqim Iran vəziri-müxtari Hüseynəli xan bir çox çirkin rol oynamışdır. Bu adamın sabiq Tiflis general-konsulu olduğu zaman Mirzə ilə şəxsi bir ədavəti var imiş. Mirzə Istanbula varid olduqda, Hüseynəli xan onu öz evinə aparıb, köhnə ədavəti unutmuş adam kimi neçə gün Mirzəni evində müsafir saxlayır və ona bir tərəfdən izzət-ehtiram göstərir, o biri tərəfdən osmanlı hökuməti dairələrində Mirzənin əlifbasının məqbulu əleyhinə var qüvvəsi ilə çalışır və əlifbanın həm osmanlıda, həm İranda məqbul olmamasına səbəb həmin bu şəxs olur. İndi Mirzənin vəfatından əlli il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa bir nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini, yetirmək istədiyi və yolunda üqubətlər çəkdiyi ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat yatardı. * * * Maksim Qorkinin həyat və yaradıcılığı Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir. Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı. 1888-ci ildə Qorki inqilabçı və xalqçı Romasla aşna olub, onun təbliğat niyyəti ilə açdığı baqqal dükanında işləməyə başlayır. Romasla yaxınlaşması Qorkinin ruhunu və gələcəyə ümidlərini günü-gündən möhkəmləndirdi. 1889-cu ildə Nijni-Novqorodda Qorki inqilab sahəsində işlədiyindən dolayı birinci dəfə olaraq həbsə alındı. İki il həbsdə qalıb azad edildikdən sonra Nijni-Novqorodu buraxıb, piyadəcə olaraq Volqa boyu ilə gəlib Saritsinə çatdı. Sonra Don əyalətindən, Ukraynadan, Bessarabiyadan keçib Xerson quberniyasına gəldi və haman ilin payızında Krımdan Qafqaza addayıb Tiflisə keçir. Burada məşhur inqilabçılardan Kolojni və sairləri ilə tanış olub sıxı olaraq işçi hərəkatına yanaşır, 1892-ci ildə sentyabr ayının 12-də “Qafqaz” qəzetində Qorkinin “Makar Çudra” adlı birinci hekayəsi çap olunur. Payızın axırlarında Nijni-Novqoroda gedib orada advokat Laninin yanında işləməyə başlayır. Qorki, Laninin yanına gəldikdən qabaq çəkdiyi əzab və işgəncələri belə nağıl edir; əllərim qalınca iri şalbanlar mişarlamaqdan, çiynimdə çətinliklə nəfəs alaraq dörd-beş pud vəznində yük daşımaqdan, gələcəyimə bilmərrə naümid olduğumdan qəsdi-can etdim. Ancaq həyat qalib gəldi, hamballıq vəzifəsini soyuq kvas satmaq vəzifəsinə dəyişməyə müvəffəq olmağım bir qədər məni diriltdi. Axırda bəxtim məni advokat Laninə çatdırdı. Mənim gələcəyimə və tamam ruhumda onun böyük təsiri oldu. Laninin yanında işləyən Qorki məşhur rus ədibi Korolenko ilə tanış olur və bu vaxtdan Maksim Qorki ədəbiyyat yoluna möhkəm qədəm qoyur. “Voljski vestnik” adında Kazan qəzetində və “Volqa” adında Nijni-Novqorod qəzetində onun “Sığırçın” və “Arxip baba və Lyonka” adlı hekayələri çap olunur. 1893-cü ilin may ayından Qorki “Samara” qəzetində daimi felyetonçuluq vəzifəsini qəbul edir. Bu illərin hamısında Maksim Qorki inqilabçılarla sıxı əlaqədə olub, mümkün etdiyi mənəvi və maddi müavinəti müzayiqə etmirdi. Varlı və hürriyyətpərvər ziyalılarla əlaqədar olduğundan, inqilabçılara para toplamağa da müvəffəq olurdu. 1901-ci ildə Qorki Peterburqa gəlir. Haman ildə “Jizn” məcmuəsində onun “Fırtına elçisi – Burevestnik” adlı əsəri çap olunur. Burada Qorki yavuqlaşmaqda olan inqilabın xəbərini verir. Peterburqda Qorki sosialdemokratlarla yavuqlaşır. Aprel ayında Nijni-Novqoroda gəlib, Sormov işçiləri arasında intibah vərəqləri buraxmaqda müttəhim olaraq həbsə alınır və may ayında ciyər xəstəliyinin şiddət etməsindən dolayı həbsdən çıxarılıb Arzamasa göndərilir. Bu vaxtlarla Maksim Qorki Rusiyada möhkəm bir ad qazanmış ədib idi və onun həbsdən azad edilməsinə səbəb Lev Tolstoyun daxiliyyə vəziri Svyatopolk – Mirskinin yanında vəsatəti olmuşdu. Arzamasda Qorkinin mərəzi daha şiddət etdiyinə görə hökumət onun Krıma getməsinə icazə verdi. Burada dəfəatla Tolstoyla görüşüb, onunla müsahibətdə bulunurdu. 1902-ci ildə fevral ayının 25-də Maksim Qorki Rusiya fənni Akademiyasına fəxri üzv intixab olunur, fəqət çar hökumətinin tələbinə görə bir az vaxtdan sonra üzvlükdən kənar edilir. Akademiyanın Qorki haqqında belə rəftarı ziyalılar arasında böyük həyəcana səbəb oldu. Bununla əlaqədar olaraq Çexov və Korolenko akademiya üzvlüyündən istefa verdilər. 1905-ci ilin yanvar ayının səkkizinci günü idi. Peterburq işçiləri məşhur provakator keşiş Qaponun sözlərinə inanıb, o birisi günü padşaha öz hüquqları xüsusunda ərzi-hal vermək üçün Qış sarayına getməyə hazırlaşırdılar. Maksim Qorki işçilərin məqsədlərinə qail olmaq əvəzinə yüzlərcə silahsız, günahsız işçi kişilərin, qadınların, məsum çocuqların çar qoşunlarının qurşunu ilə qırılmalarının və atların ayaqları altında tapdalanmalarını yəqin edib, mühərrirlərdən bir heyət tərtib edib, vəzirlər şurası sədri Vittenin və daxiliyyə vəziri Svyatopolk-Mirskinin yanına gedib onlardan bu bəlanın rəfi üçün bir tədbir çəkməyi xahiş etdi. Fəqət heyrət məqsədinə nail olmadı. 9 yanvarda Peterburqun meydanları və küçələri padşah qapısına gedən işçilərin leşləri ilə doldu... Bu hadisə haqqında Maksim Qorkinin “Məlumat” sərlövhəli əsəri məşhurdur. Qorki haman ildə inqilabi çıxışlarından dolayı tutulub, Petropavlov qalasına salındı. Qalada həbs olarkən “Günəş çocuqları” adlı əsərini yazdı və haman 1905-ci ildə bu pyes Leninqrad və Moskva səhnələrində oynanıldı. İki aydan artıq qalada oturduqdan sonra Qorki azad edildi. 1906-cı ilin əvvəllərində Avropaya və oradan Amerikaya getdi. Orada çar hökumətinin əleyhinə və həmçinin Fransa hökumətinin çar hökumətinə borc pul verməyi qərara almasının əleyhinə neçə çıxışlar etdi. Qorki o vaxt “Gözəl Fransa” sərlövhəli həcvində Fransaya müraciətlə deyir: “Böyük Fransa! Sən bir vaxt cəmi dünyanın mədəni pişivası idin; İndi sən öz qəbahətini düşünürsənmi? Sənin satqın əlin böyük bir məmləkətin hürriyyət yolunda sədd çəkdi. Əgər bu sədd bir günlük də olsa, sənin cinayətinin qədəri azalmaz. Amma sən hürriyyət yolundakı hərəkəti bir günlüyə dayandırmayıbsan. Sənin qızılın Rusiya xalqının təzədən qanının tökülməsinə səbəb olacaq. Qoy bu qan sənin həyasız və mənhus sifətinə həmişəlik bir xəcalət qızartısı olsun”. Amerikada olduğu zaman Maksim Qorki “Ana” adlı məşhur böyük hekayəni yazdı. 1906-cı ildə Italiyaya – Kapriyə gəlib orada sakin oldu. Burada Qorkinin Cenevrədə yaşamaqda olan Leninlə məktublaşması başlanır. Leninlə Qorkinin sıxı surətdə yavuqlaşmaları 1907-ci sənədə Londonda vaqe Rusiya sosial-demokratlar qurultayında oldu. 1908-ci sənədə Qorki Kapridə rus işçilərindən təbliğatçılar yaratmaq üçün xüsusi bir məktəb açır. 1911-ci sənədən başlamış bolşevik orqanları “Zvezda” və “Prosveşşeniya”da işləyir. İtaliyada Qorki “Çocuqluq” adlı hekayəsini qurtarır və 1913-cü ildə Romanov xanədanının 300 illiyi münasibətilə sadir olan əffi-ümumidən istifadə edərək Rusiyaya gəlir. Oktyabr inqilabında Qorki bolşeviklərlə birlikdə işləməkdən geri çəkildi. Lenin haqqında xatiratında belə yazır: “Mən xalq kütləsinin fərasətinə inanmırdım. Mənim əqidəmcə üsyan etmiş kütlə əziz tutduğum mədəniyyət xəzinəsini dağıdardı”. İnqilabın axır illəri Qorkini kütlənin yaradıcılıq qabiliyyətinə inandırdı. Oktyabrın on illiyi münasibətilə yazdığı “Mənim salamım” sərlövhəli məqaləsində deyir: “Mənə belə gəlir ki, Şuralar İttifaqında insanlar zəhmətin məmləkət üçün əhəmiyyətini və onun hürriyyət və mədəniyyətə ən yaxın və ən möhkəm bir yol olmasını düşünüb işləməyə başlayırlar”. Sonra Rusiya işçisinə müraciətən deyir: “Yoldaş! Bil və inan ki, dünyada ən lazım bir vücudsan. Öz xırdaca işini görərək, sən həqiqətdə təzə bir dünya yaradırsan”. 1922-ci ildə ciyər xəstəliyi şiddət etdiyindən dübarə Avropaya getməyə məcbur oldu. Hal-hazırda Italiyada olurkən vətəni ilə əlaqəni kəsmir, Şuralar İttifaqının yüzlərcə ədibləri ilə, kəndli və işçiləri ilə əlaqədədir. Şuralar İttifaqında çıxan qəzet və məcmuələrdə iştirak edir və şura həyatı ilə maraqlanmaqdadır. Axır illərdə onun bir neçə bədii əsərləri meydana çıxıbdır: “Mənim darülfünunlarım”, “Artamonovların işi”, “Klim Samginin həyatı”, xırda hekayələri, Leninin, Tolstoyun və Krasinin bədii səciyyələri. Hali-hazırda Qorki Oktyabr inqilabı və Şuralar Ittifaqının axırıncı illəri xüsusunda bir kitab yazmağa hazırlaşır. * * * Qorkinin babası həmişə ona deyirdi: “insanlar bir-birləri üçün yırtıcı canavardılar” və Qorkini əhatə edən həyat bu sadə və acı əsas üzərində qurulmuşdu. Qorki özünün tərcümeyi-halına dair hekayələrində yazır: “Həyat mənim gözümün önündə bir intəhasız ədavət və qəddarlıq zənciri kimi açılırdı, o bir tükənməz və müləvvəs puç şeylərə malik olmaq yolunda mübarizədən ibarət idi”. Bu onun çocuqluğunda və cavanlığından aldığı təsir idi və bu təəssürat onun ürəyinin ən dərinliyində məkan tutub və yaradıcılıq yolunda onu həmişə təqib edərək, bir an rahat qoymurdu. Qorki bütün yaradıcılığın həyatın heyvani quruluşu ilə mübarizəyə, təzə həyat bünövrəsi və nifrət etdiyi zülmkar və hərislərə bənzəməyən yeni adamlar aramağa həsr etmişdir. Qorki nifrət etdiyi dairəyə “Okurovluq” adı verirdi. “Okurov” bir şəhərin adıdır ki, Qorki onun İki böyük əsəri olan “Okurov qəsəbəsi” və “Matvey Kojemyakin”də təsvir edibdir. Okurov dairəsi təfsilən Qorkinin tərcümeyi-halında təsvir etdiyi və içərisində yaşadığı dairədir. Balaca Matvey Kojemyakəni atası yaşayış haqqında deyir: heç kəsin heç kəsə dünyada rəhmi gəlmir, ətraf tamam heyvanlardan ibarətdir. Okurovlardan birisi Okurov ənənəsini gözəl xarakterizə edir: “Adamın boynunun ardına şillə vurmaq hamı üçün böyük bir ləzzətdir”. Okurovluq əsası Qorkinin əsərlərinin hamısında, cavanlıq yazılarından başlamış axırkı əsərlərinədək hər yerdə aydın görünməkdədir. Qorkinin əsərlərində İki əsas qiyafələr bir-birinə müqabildilər: bir tərəfdə Okurov həqiqətini daşıyan, onun əsası ilə canlanmış və onun heyvanlıq ruhunu təsdiq edən; o biri tərəfdə o ruhu mən edib, həyatı Okurovluğa bərəks əsas üzərində qurub, bu əsasın qabiliyyəti yolunda mübarizə edənlər. Aşağıdakı sətirləri göstərək: Bu roman Okurov həqiqəti daşıyan tacir Malkin parlaq rənglərlə təsvir olunmuş bir qiyafədir. O, belə bir həqiqət söyləyir: “İnsana yavuq getdikdə bir əlində bal, o birisində bıçaq gərək olsun”. ya bu sözləri deyir: “Qardaşım, həyatın quruluşu çox sadədir: ya hamını çeynəməlisən, ya palçıq içində uzanmalısan”. Tacir Malkinin müqabilində Foma Qordeyev çıxır. Bir ziyafətdə Malkinin sifətinə bu sözləri çırpır: “Alçaqlar, siz nə yaradırsınız? Sizin yaratdığınız həyat deyil, məhbəsdir”. İki əsasın bu növ toqquşmasını biz onun “Çocuqluq”, “Matvey Kojemyakin”, “Tövbə”, “Çelkaş” və sair əsərlərində görürük. Özünün 1927-ci ildə təb etdiyi məqalələrində Qorki İki müddəi xüsusunda maraqlı bir nağıl yazır. Nağıl belə başlanır: “İki müddəi olan yerdə qəhrəman olar”... Nağılı belə qurtarır: “Mənim düşmənim olmasaydı, həyatım puç və ürək sıxıntısı gətirən olardı”. Bu nağılda Qorki öz yaradıcılığının əsas xüsusiyyətini meydana çıxarır. Nağılın məzmunu Qorkinin nifrət etdiyi kapitalistlik Okurovluğu ilə mübarizədən ibarətdir. Onun birinci və ayaqyalınlar (basyak) həyatından yazdığı hekayələrinə baxanda orada adi və biqeyd yaşayış üzərinə ciddi mübarizə elanı müşahidə edirik. Qorki ilk vaxtlarda yazdığı hekayələrində özünün qəvi olan yaradıcı xəyalatının gücü ilə “Okurov” insancıqlarına müqabil duran qüvvətli, bimənzur və azadə bir insane yaradırdı. Qorkinin başqa cavanlıq əsərləri də bu əsas üzrə yazılmışdır. Qorkinin ayaqyalınları onun həmişəlik düşmənlərinə ağır bir zərbədir. Qorki təzə həqiqət axtararaq, sosializmə rast gəldikdə və sosialistləri dünyanın ən yaxşı adamları saydıqda, onun həmişəlik düşmənləri gəlib gözümün önündə dayanırdılar. “Ana” hekayəsində sosialist Pavel Vlasov deyir: “Görün insanlar bir-birlərinin müqabilində necə qoyulublar: “Ürəyindən də keçmir – amma vurursan”. Yenə həmin hekayədə o biri sosialist Naxodka deyir: “Hər şəxs qonşusunun vuracağından ehtiyat edib qabaqca özü qonşusunun qulağının dibinə bir yumruq çalır”. Qorkinin nəzərində sosializm həqiqəti böyük həqiqətdir. Bu həqiqət mehribanlıqla hamının öz tərəfinə çağırıb dünyanın üç bəlası olan hirsdən, şərdən və yalandan xilas edəcəyini xəbər verir. Qorkinin həyatın hal-hazırdakı quruluşuna etirazı onu həmişə ayaqyalınlar və sosialistlər tərəfinə çəkir. Bunların hər İkisi hirsin, ədavətin və yalanı düşmənləridirlər. Çox maraqlı burasıdır ki, Qorki Şuralar ittifaqının böyük rəhbərlərin, məsələn, Lenin təsvir edəndə, onların özünün bədii əsərlərinin qəhrəmanlarına bənzədir. Qorki bu adamları sevir və bu məhəbbət onun xəyalatının yaratdığı şəxslərə olan məhəbbətdir. Məsələn, Lenində Qorkini həvəsə gətirən sifət onun həyatda vaqe xəbasətə nifrətidir. Qorki Leninə “Yalanın və dünya qəmlərinin ovçusu” adı qoyur. Lenin, adi həyata zərbə vurub dağıtdığından Qorkiyə əzizdir. Qorki yazır: “Əhalinin əksərini ağlamağı və qışqırmağı budur: bizi rahət qoyub və adət etdiyimiz yaşayışla yaşamağımıza mane olmayın”. Lenin xalqın adət etdiyi həyatına belə bir növlə məmaniət göstərdi ki, o məmaniəti ondan qabaq bir kəs göstərməyə qadir olmamışdı. Kapitalizm sayəsində əxlaqı pozulmuş cəmiyyətə, dünyanın əsarətdə saxlayan hirsə, tamaha, ədavətə və yalana nifrət! Budur Qorkinin yaradıcılığının əsası və bu əsas onun otuz beş illik ədəbi yolunun hamı nöqtələrini bir yerə cəm edir. Öz yaradıcılığının əsas məqsədi haqqında Qorki belə deyir: “Vəhşi rus həyatının qurşun tək ağır olan murdarlığını yada gətirdikdə bəzi vaxt özüm-özümdən xəbər alıram: “Bu barədə danışmağın lüzumu varmı?” və sonra möhkəm bir etiqadla özümə cavab verirəm: “Bəli, var”. Çünki bu diri və murdar həqiqət İndiyə kimi ölməmişdir; bu həqiqəti öyrənməli və sonra onu kökündən dartıb insanın ruhundan və bizim ağır həyatımızdan qopartmalıdır. * * * Maksim Qorkinin bədii yaradıcılığını üç dövrə təqsim etmək olar: Birinci dövr – 1892-ci ildə Tiflis qəzeti “Qafqazda” onun ilk hekayəsi “Makar Çudra” çıxandan 1905-ci ilə kimi. İkinci dövr – 1905- ci ildən 1917- ci ilə kimi. Üçüncü dövr – 1917-ci ildən bu günə kimi. Bu dövrlərin bir-birindən təfavütü nədir? I Qorkinin birinci dövrdə yaradıcılığı haqqında yazılan tənqid və təhlillər hamısı bir dillə və bir-birinə oxşardır. Bunun da səbəbi Qorkinin əsərlərində keçirdiyi zəmanənin, xüsusən birinci Rusiya inqilabından qabaqkı illərin vəziyyəti aynada görünən kimi aydın görünürdü. Qorki bu əsərlərində öz zəmanəsinin xalis oğlu idi. Bir neçə faktlar Qorkinin o zamanın carçısı olmasına dəlildir. Onun yazıçılıq şöhrəti birdən-birə başladı. Təəccüb də burasıdır ki, bu şöhrətə səbəb tənqid yox, oxucular oldular. 1898-ci ilin yanvar ayının 7-də “Novoye slovo” idarəsinin üzvü Kalmıkov Qorkiyə yazır: “İndi əsərlərinizi məcmuə tərzində buraxmağınızın vaxtıdır. Sizinlə maraqlanırlar. Oxucular əsərlərinizi qəzetlərdə və məcmuələrdə axtarırlar. Yazıçı yoldaşlar isə haqqınızda ehtiyatla danışırlar, oxuculara kitab və sizə para lazımdır. Vaxtdır”. “Yazıçıların” Qorki haqqında nə mərtəbədə ehtiyatla danışdıqları o vaxtın münəqqidi Vengerovun sözlərindən görünür: “Bişəkk Qorki qabil və istedadlı bir vücuddur. Ancaq gələcəkdə ondan bir dahi yazıçı çıxmaz”. İki ildən sonra Vengerov bu sözləri yazmağa məcbur oldu: “Rusiyada kitab ticarətinin binasından İndiyə qədər bir əsərin on min cildlə satılması birinci dəfədir. Beləliklə, bu satış axırda yüz minə çıxacaqdır”. Bu vaxtdan Maksim Qorki nəinki Rusiyada, cəmi dünyada şöhrət qazanır. Buna səbəb nə idi? Əlbəttə, onda olan bir tək bədii dahilik deyildi. 1894-cü ildə sənayedə bir böyük genişlənmə vaqe oldu. Bu genişlənmə işçilər arasında ciddi bir hərəkat yaradıb, Rusiyanın hamı siniflərini həyəcana saldı. Ümumi hərəkatın və çarizmlə qəti bir mübarizənin vaxtı yetişdi. Bu vaxtda Qorki özünün təzyiq qarşısında etiraz edən qəhrəmanları ilə ortaya atıldı. Onun “basyakları”, sabit “adamları” rəzalətlə yaşayaraq, həyatın laqeydlik dəryasına qərq olanlara diri və ayıq bir həyat sürməyi təklif etdilər. Bu qəhrəmanlar proletariat nümayəndələri deyildilərsə də, Qorkinin müvəffəqiyyət və şöhrətinə ikinci səbəb oldular. Üçüncü səbəb məktəb görməmək, Qorkinin səfil həyatın ən dərinliyindən birdən-birə fövqəladə parlaması idi. Dördüncü səbəb, böyük orijinal, cürətli, bədii və ictimai ruhu ilə ruhlanmış bir dahilik. Bu sifətlər Qorkiyə qarşı xüsusi bir maraq törətdi. Qorkinin ədəbi fəaliyyəti ictimai çıxışları ilə bərabər gedirdi. Məsələn, 1901-ci sənədə, martın 4-də Peterburqda Qazan kilsəsinin qabağında tələbələr nümayişi və tələbələrin qazaqlar tərəfindən döyülmələri vaqe olur. Qorki bu vaqedən artıq dərəcədə həyəcana gəlib, ədiblər ittifaqının protestosunu imza etdi. Eyni zamanda “Jizn” məcmuəsində mart hadisəsinin təsiri altında yazılmış “Fırtına elçisi” çap olunur. Bu əsəri, həmçinin “Tərlan nəğməsi”ni bütün inqilabi Rusiya əzbərlədi. Çox vaxt, xüsusən əyalətlərdə onun “Meşşanlar” adlı əsərinin səhnələrdə oynanılması nümayişlərə səbəb olurdu. Əsərin qəhrəmanlarından birisi olan işçi Nil deyəndə ki, “hakimiyyət haqqı ancaq işçinİndir”, uca alqışlar səsi teatrı doldururdu. 1905-ci sənənin baharında Qorki Petropavlov qalasında dustaq olan vaxt “Novosti” qəzetində xarici məmləkətlər ədiblərinin Rusiya daxiliyyə vəzirinə protestləri dərc olunmuşdu. Bu protestdə ədiblər bir dillə deyirdilər: “Cəmi məmləkətlər bir səslə qışqırırlar: “Maksim Qorkiyə azadəlik! Onu öz işləməyinə, vətəninə və cəmi dünyaya qaytarınız! Bu xahiş bütün insaniyyətin xahişidir”. Fransa sosialist qəzeti “Humanite”, Almaniya burjuaziya qəzeti “Berliner takeblat” və sair Avropa qəzetlərində Avropanın məşhur fəalları tərəfindən protestlər çap olunmaqda idi. O anda Maksim Qorkinin təəllüğü tamam dünyaya idi. II Qorki fəaliyyətinin İkinci dövrü birincisindən təfavütlüdür. Bu da aydındır. 1905-ci il inqilabı, Leninin təbirilə “Rusiya işçilərinin məşqiümumisi” əzildi. İşçi hərəkatı zirzəmilərdə gizlənməyə məcbur oldu. Və bir müvəqqəti sakitlik əmələ gəldi. Bu vaxtda Qorki “Ana” adlı böyük romanını yazır. Romanın əsası Sormov işçilərinin həyatı, Nijni-Novqorod sosialdemokrat təşkilatının 1901-ci sənədə fəaliyyəti, 1902-ci sənənin 1 May nümayişi, dalınca işçi Zalomovun və yoldaşlarının mühakiməsi idi. Bu romanda mərkəzi mövqe tutan – işçi Pavel Vlasov və onun anası Pelageya Nilovnadır. Romanın bədii qiyməti şəksizdir və bu vaxta kimi işçi sinfinin maraq və həvəslə oxuduğu bir kitabdır. Bu roman marksizm nöqteyi-nəzərindən, bir para qüsurlarına baxmayaraq nəinki burada, hətta başqa ölkələrdə də böyük müvəffəqiyyət qazandı. Bu vaxtlarda yazılmış “Düşmənlər” adlı pyesini də göstərməliyik. Bu əsərdə Qorki zəhmətlə kapital arasında sinfi mübarizəni təsvir edir. Bu dövrdə Maksim Qorki bir neçə böyük əsər meydana atdı: “Okurov qəsəbəsi”, “Matvey Kojemyakin” və “Tövbə”. Bu əsərlərin İkisində qazaqların qaranlıq və naümid həyatını təsvir edir. Üçüncü əsərində o vaxtın ziyalıları arasında mütədavil olan “Allah axtarmaq” məsələsindən bəhs edir. Bu kitaba marksizm tənqidi, mənfi bir nəzərlə baxdı və Plexanov bu əsərin çıxmasından istifadə edərək, Allah axtaranlara möhkəm bir məzəmmət yazdı. Gördüyümüz kim, Rusiyada 1905-ci ildən sonra şiddətlənən irtica Maksim Qorkinin bədii yaradıcılığının bir qədər soyumasına səbəb oldu. Bununla belə, Qorki öz inqilabçılığında və bolşevikliyində baqi qaldı və necə ki, yuxarıda söylədik, Italiyada, Rusiyaya mübaliqlər yaratmaq üçün xüsusi marksizm məktəbi açdı. Valonov həbsini, hətta ölümü belə gözünün qabağına alaraq çox çətinliklə Rusiyadan 20 nəfər işçi nümayəndəsini çıxardıb, o məktəbə apardı. Məktəbdə Qorkidən əlavə Lunaçarski, Lyadov və sairləri dərs verirdilər. Qorkinin yaradıcılığının ikinci dövrünü belə xarakterizə etmək olar: irtica uzandıqca, onun bədii əsərlərində inqilabi məzmunlar azalır. İctimai fəaliyyəti aktiv və inqilabilikdə baqi qalırdı. Bu da cahangirlik müharibəsində aydın göründü. Bu vaxt Maksim Qorki “Letopis” namında bir beynəlmiləl məcmuə verməyə başladı. Bu məcmuə tamam irticaçı burjuaziyanın ədavətini onun üzərinə gücləndirdi. III Qorkinin üçüncü dövr fəaliyyəti haqqında danışıq bambaşqadır. İki əvvəlinci dövr Rusiya həyatının tarixi nöqtələrini göstərirsə, onun axırıncı on illik fəaliyyətində bunu görmürük. Oktyabr inqilabı xüsusunda onun bir gözə çarpan mükəmməl əsəri yoxdur. Bununla belə, çarizm zamanının qaranlıq həqiqətini təsvir edən, böyük məharətlə yazılmış beş kitab buraxıldı. Bu kitablar bunlardır: “Mənim darülfünunlarım”, 1922-24-cü illərdə yazılmış xırda hekayələr, “Artamonovların işi”, “Xatirat” və “Klim Samginin həyatı”. Maksim Qorki bizim hal-hazırda keçirdiyimiz həyatı öz bədii əsərlərində təsvir etməyibsə də, demək olmaz ki, o, Şuralar İttifaqının həyatı ilə maraqlanmayıb, ondan geri çəkilir. Biləks Şuralar ölkəsinin həyatı və inkişafı onun diqqətini günü-gündən artıq cəlb etməsinə dəlil çoxdur. Hər gün qəzetlərdə Qorkinin komsomollar, Qızıl Ordu, işçi müxbirləri və camaat fəalları ilə məktublaşması yazılır. Bu yaxın zamanda “Put rabselkora” məcmuəsində onun işçi müxbiri Sopelova yazdığı məktubu dərc olunmuşdu. Sopelov Qorkidən xəbər alır: “Nədən çox yazmalıdır? – yaxşılıqdan ya pislikdən?” Qorki yaxşılıqdan yazmağı pislikdən yazmaqdan yaxşı görüb deyir: “Biz pisliklərimizi çox yaxşı göstəririk və özümüzü də birəhmanə tənqid edirik”. Qorki Şuralar Ittifaqına gəlir. Milyonlarla gözlər onun yolundadır. Milyonlarla ağızlardan “xoş gəlibsən” sədası ucalacaq və böyük ədib hörmətlərlə qarşılanacaqdır. * * * Azərbaycanda teatr Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər. Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi. Musanı sehrbaz hesab edən Misir fironu öz məmləkətində yaşayan bütün sehrbazları çağırtdırıb əmr edir ki, Musanın möcüzələrinə inanan və onun ardınca gedən camaatın gözünü açmaq üçün onlar Musanın əsasına bənzər bir şey qayırsınlar. Sehrbazlar doğrudan da taxtadan əjdahalar qayırır, onları nə ilə isə yağlayır və taxta əjdahalar yeriməyə başlayır. Bu zaman Musa öz əsasını ortaya atır, əsa əjdahaya çevrilərək bütün taxta əjdahaları udur. Sonra Musa əjdahanın quyruğunu dartır, o dərhal adi əsaya çevrilir; lakin taxta əjdahalar artıq yox olur. Bu maraqlı lətifə aydın göstərir ki, qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. İsanın anadan olmağından beş əsr əvvəl Yunanıstanda Aristofanın nümunəvi bir teatrı olduğu məlumdur. Hİndistanda isə Yunanıstandan da əvvəl teatr varmış. Belə bir rəvayət vardır ki, yunanlar teatrı hindlilərdən götürmüşlər. Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir şeydir; hind sehrbazları bunu xüsusilə bacarırmışlar və indi də bacarırlar. İranda küçə sehrbazları hələ də çoxdur. Azərbaycanda teatrdan və ümumiyyətlə, tamaşalardan bəhs edərkən bu barədə danışmamaq olmaz, çünki Azərbaycan, demək olar ki, XIX əsrin axırınadək İran mədəniyyətinin təsiri altında olmuşdur. Irandan gələn hər cür sehrbazlar, yalançı pəhləvanlar, şəbihgərdanlar, mütrüblər, dərvişlər, rövzəxanlar Azərbaycanda isti yuva tapır və özlərini əziz qonaq hiss edirdilər. XX əsrin əvvəllərindən başlayaraq İran sehrbazlarının Azərbaycandan ayağı kəsildi; lakin İndiyədək Iranın şəhər və kənd meydanlarında onlar oyun çıxararaq tamaşaçıları öz sənətlərinə heyran qoyurlar. Hər bir oyun üçün onların məzəli sözləri vardır. Hər bir sehrbazın şagirdi olur; Avropa sehrbazlarından fərqli olaraq bu şagird oyunda iştirak etmir; onun vəzifəsi isə oyun zamanı dəf vurmaqdan və “dəm” tutmaqdan ibarətdir. Bəzən sehrbazlar meydanlarda teatra oxşayan tamaşalar göstərirlər. İranda (bir zaman isə bizim Azərbaycanda da) belə tamaşalardan sayılan “Şəbih oyunu” çox məşhur idi. Tamaşada iştirak edənlər tənbəl Şəbih və onun atasından ibarət idi. Şəbih işləmək istəmir, atası onun danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib zəhmətə qurşansın. Şəbih isə evdə oturmaq üçün min cür bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur. Bu tamaşa çox qısadır, cəmisi 10-15 dəqiqə çəkir. Nəsihət etməkdən cana gələn ata oğlunu küçə sözləri ilə söyərək döyməyə başlayır; Şəbih bağıra-bağıra yıxılaraq bir çox ədəbsiz hərəkətlər edir. Camaat heyran qalır, tamaşa qurtarır. Xalq tamaşalarının başqa növlərindən birisi də “Şah Səlim” oyunudur. Bu tamaşa kukla teatrı ilə Petruşka arasında orta bir şeydir. Komediant pərdə dalında gizlənir, pərdənin dalından sap ilə idarə edilən kuklalar görünür. Kuklalar müxtəlif məişət səhnələri göstərirlər; pərdə arxasındakı komediant isə cürbəcür səslərlə onların əvəzinə danışır. Bu tamaşalar adətən, dövlətli evlərinə dəvət edilən tamaşaçılara göstərilirdi. “Şah Səlim” oyunu keçən əsrin 90-cı illərinə qədər çox yayılmışdı. Şərqin tamaşaları içərisində kəndirbazlıq da mühüm yer tutur. Böyük meydanların birində İki-İki haçalanmış dörd ağac basdırılır; həmin ağaclar arasında yerdən 5-6 metr hündürdə tarım kəndir çəkirlər. Kəndirin uclarını yerə basdırırlar. Zurna çalıb adam yığırlar. Xeyli camaat toplaşdıqda kəndirbaz ortaya çıxır; bəd gözdən qorunmaq üçün o, boynuna cürbəcür duapitik asır. Müvazinət saxlamaq üçün əlində ləngər tutur. Kəndirbazın keçə papaq adlanan (sirklərdəki klounları xatırladırlar) köməkçisi vardır. Kəndirbaz kəndirin üstünə çıxıb oyun çıxarmağa başlayır. O kəndirin üstündə çox qorxulu hərəkətlər edir: tullanır, uzanır, oynayır, mis qabın içində oturaraq kəndirdə yeriyir, ayağına bir neçə iti xəncər bağlayıb kəndirin üstündə gəzinir və i. a. Bu zaman keçə papaq meydan sulayaraq öz ustasının hərəkətlərini gülməli bir şəkildə təqlid edir və bununla da bəd gözləri kəndirbazdan uzaqlaşdırır. Başına qoyduğu keçə papaq bütün üzünü də tutur; gözləri üçün papaqdan iki dəlik açır. Oyun zamanı keçə papaq bir çox şit zarafatlar edir, gülməli sözlər danışır. Tamaşaçılardan pulu da keçə papaq yığır. Azərbaycanda kəndirbazların çoxu ləzgilərdən olurdu. Sirk sənətinin inkişafı nəticəsində Azərbaycanda kəndirbazlıq aradan çıxır, İranda isə bu günə qədər hələ də davam edir. Müxtəlif tamaşa formaları içərisində mütrüb oyunlarını da qeyd etməlidir. Qadın paltarı geyinən uzun saçlı bu oğlanlar böyük bayramlarda, toylarda, bəzən də meydançalarda və ya çayxanalarda rəqs edirdilər. Onlar tək olmurdular, yanlarınca “antreprenyorlar” gəzdirdilər ki, mütrüblər onlara bir kölə kimi tabe idilər. “Antreprenyor” mütrübləri mənəvi və fizİki mənada pozğunluğa öyrədirdi; şəhərləri gəzdirərək eyni zamanda həm “tamaşa” düzəldir, həm də uşaqla alver edib onları istismar edirdilər. İranda indi də mütrüblük çox yayılmışdır. Azərbaycanda mütrüblük sovetləşməyə qədər davam edərək Bakı avaraları və harın dövlətlilər tərəfindən geniş istifadə edilirdi. Kapitalizmin aradan qaldırılması, təbii, mütrüblüyü də aradan qaldırmış oldu. Sovet hökuməti uşaqları istismarın bu çirkin və biabırçı formasına son qoydu. Meydanlarda və bazarlarda camaatın diqqətini dərvişlər də uzun müddət cəlb etmişlər. Onlar əvvəlcə yalnız Əli xəlifəni və onun nəvənəticələrini tərifləyirdilər; sonralar isə İmamların, padşahların, əfsanəvi qəhrəmanların və i.a. həyatından müxtəlif uydurmalar söyləyərək, öz peşələrinin hüdudlarını genişləndirmişdilər. Dərvişlik peşəsinin əsasını səfəvilər sülaləsindən olan İran padşahı II Abbas qoymuşdu. Bununla o, şiəliyi möhkəmləndirmək məqsədi izləyirdi. Hökumət tərəfindən müdafiə edilən dərvişlər ölkəni dolaşaraq Əli xəlifə və onun nəvə-nəticəsinin şərəfinə “Mədhiyyələr” oxuyurdular. Şah Abbas özü də hərdən dərviş paltarı geyinib camaat içinə çıxırdı. Səfəvilər sülaləsinin yıxılması, Nadir şahın hakimiyyət başına gəlməsi, sonra isə Qacar sülaləsinin təxti ələ alması ilə əlaqədar olaraq dərvişlik öz mövqeyini və əhəmiyyətini itirir və dərvişlər fəqir camaatın var-yoxuna daraşan tüfeylilərə çevrilirlər. İranda dərvişlər İndi də çoxdur. Azərbaycanda isə tamam aradan çıxmışlar. İranda şiəliyin möhkəmləndirilməsi üçün təbliğat məqsədi ilə istifadə edilən rövzəxanlıq da mühüm rol oynamışdır ki, bunun da əsası yenə səfəvilər tərəfindən qoyulmuşdur. Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya “yuq” deyərdilər. (Yuqlama – ağlamaq sözündəndir.) Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş “yuqçular” isə ikisimli “qobuz” çalıb oynayardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplananlar da hönkürhönkür ağlayardı. Bu ayin yunanların Dionis ayinini və ya Cava xalqlarının Budda üçün ağlamalarını xatırladır. 1221-ci ildə İran moğolların, çingizilərin ixtiyarına keçir; onlar XVI əsrə qədər İranda hökmranlıq edirlər. Ölü üçün ağlamaq adəti iranlılar arasında moğollar dövründə də davam edir. Moğollar getdikdən sonra onların İki əsrlik hökmranlığı zamanı çox zəifləmiş olan şiəliyi möhkəmlətmək üçün bu adətə başqa bir məzmun verilir; İndi artıq qəhrəmanlar üçün deyil, Fəratın sahillərində qeyri-bərabər bir mübarizədə həlak olan peyğəmbər övladları üçün ağlayırdılar. Yuqçuların yerini rövzəxanlar tutur, bütün məhərrəm ayında məscidlərdə və varlı şəxslərin evlərində bu günə qədər təziyə düzəldirlər ki, bu təziylərdə rövzəxan minbərə çıxaraq, əvvəlcə şəhidi, onun davada qəhrəmanlığını tərifləyir, sonra isə müsibətli ölümünü təsvir etməyə başlayır. Camaat ağlaşır, sinəsinə və təpəsinə döyür. Bu şəhidlərin xatirəsi şərəfinə məhərrəm ayının onuncu günündə “Şaxsey-vaxsey” mərasimi düzəldirlər; minlərlə adam şəhərin küçələrində gəzişir, çığırır, ağlayır və vəcdə gələrək başlarını yarmağa, zəncir vurmağa, daşla sinələrinə döyməyə başlayırlar. Rövzəxanlar Azərbaycanda hələlik tapılırsa da, “Şaxsey-vaxsey” Sovet hakimiyyəti qurulduqdan sonra aradan qaldırılmşdır. Fərat sahillərində baş verən faciə “Şəbeh” adlanan və İranda bu günə qədər göstərilməkdə olan misteriyalar üçün süjet təşkil etmişdir. Şəbehlər ya məscidlərdə, ya da şəhər meydanlarında çıxarılır. Şəbehlər xüsusən İranda çox təntənəli bir şəkildə təşkil olunur. Təziyə yerini bəzəmək üçün bütün qiymətli şeylər – qızıl, şal, xalı istifadə edilir. Bir çox şəhərlərin meydanlarında şəbeh çıxarmaq üçün daimi səhnələr düzəldirlər. Bu cür səhnələr Bakının ətraf kəndlərində də rast gəlmək olar. Şəbehlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış bir pərdəli pyeslərdən ibarətdir. Pyesdə iştirak edənlər İki cəbhəyə ayrılırlar. İmamla onun tərəfdarları və İmamın düşmənləri. Bütün iştirak edənlərin hamısı birlikdə meydana toplaşır, tamaşa yerini dolaşır və müqəddimə oxuyurlar. Bundan sonra “artistlər” – hər kəs öz yerində oturur: İmam və onun tərəfdarları meydanın bir guşəsində salınmış xalça üstündə əyləşirlər, “müxalif” adlanan düşmən tərəf isə təxt və kürsü üstündə otururlar. Tamaşa başlanır. Şəhidləri oynayanlar öz rollarını mümkün qədər qəmli səslə oxuyurlar. Düşmən tərəfin artistləri isə qəzəbli reçitativlə danışırlar. Xalq birincilərə qulaq asaraq hönkür-hönkür ağlayır, ikincilərə qulaq asdıqda isə onlara lənətlər yağdırır. Rejissor (gərdün yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Suflyor olmur, artistlər öz rollarını əzbər bilirlər, ya da dəftər üzündən oxuyurlar. Qadın rollarını İranda oğlanlar, Azərbaycanda isə bəzən sifətləri gözlərinədək bağlı olan kişilər ifa edirlər. Aktyorlar qrim etmirlər. Müxaliflərin dəmir dava paltarından başqa bütün artistlər adi müasir paltar geyinirlər. Qadın rolu oynayan kişilər arvad paltarı geyinmirlər, “əba” bürünür və başlarına arvad yaylığı bağlayırlar, əbanın altından şalvarının balağı görünür. Paltarlar və əşya bəzən çox əcaib olur. Məsələn, Yezidin uşaqları rezin şinli yaraşıqlı bir faytonda gəlirlər, firəng səfiri isə çar generalı paltarında, bəzən də əynində qara sürtuk, başında kavalerqard kaskası meydana daxil olur və s. Tamaşada iştirak edən “kütlə” həmişə bir nəfərdən ibarət olur. Məsələn, “Müslümün ölümü” pyesində bir nəfər bütün bir ordunu oynayır. Bu, Azərbaycanda misteriya tamaşalarının xeyli orijinal cəhətlərindən birisidir. Müəlliflər misteriyaların ssenarilərini düzəldərkən Yezidə və onun adamlarına fövqəladə bir nifrətlə yanaşırdılar. Şəhidlərə çoxlu mərhəmət və göz yaşı doğurmaq, Yezidin və müxaliflərin ünvanına isə daha çox lənət yağdırmaq arzusu, onları heç bir şeylə – nə nəzakətlə, nə psixologiya ilə, nə real vəziyyətlə, nə də hətta adi məntiqlə hesablaşmamağa məcbur edirdi. Bu cəhətdən “Mədinədən səfər” epizodu çox səciyyəvidir. Hüseyn Mədinədən yola düşərkən öz xəstə qızı Fatiməni Mədinədə qoyur, amma sonrakı arvadından olan xəstə oğlunu özü ilə aparır. Tərk edilmiş qız tənhalıqdan, heç bir zaman onun yanına gəlməyən qardaşı Əli Əkbərdən şikayət edir; Əli Əkbər isə ona görə bacısının yanına gəlmir ki, o, ögey anadan olmuşdur; nəhayət, qız atasından və bibisi Zeynəbdən şikayətlənir. Bu şikayət, əlbəttə, İmamı, onun oğlunu və bacısını pis xarakterizə edir. Lakin müəllif bunu hiss etmir, o bütün qohumları tərəfindən tərk edilən xəstə qıza qarşı tamaşaçıların qəlbində mərhəmət oyatmağa çalışır. İmam və ya onun ailə üzvləri Yezid və onun sərkərdələri ilə rastlaşdıqda onların üzərinə ağır söyüşlər yağdırırlar ki, bu söyüşlər Yezidə düşmən münasibət bəsləyən misteriya tamaşaçılarının hisslərinə müvafiq idi. Yezid və onun sərkərdələrinin İmam və onun ailəsi ilə rəftarı isə, əksinə, nəzakətli, ədəbli və hörmətli idi. Beləliklə, Yezid, və onun adamlarına qarşı nifrət oyatmağa çalışan müəllif, özü də hiss etmədən İmamı mənfi cəhətdən xarakterizə etmiş olurdu. Yezidin öz sərkərdələri ilə, sərkərdələrin də bir-biri ilə rəftarı çox maraqlıdır; hər cür nizam-intizamdan və mənsəbə hörmətdən uzaq olan bu rəftar bir yığın söyüşdən ibarət idi: böyük kiçiyi söyür, kiçik də ona söyüşlə cavab verir; hətta kölə də öz ağasını söyür. Bu deyişmədən sonra tərəflər elə dağılışırlar ki, guya bu vaxta qədər bir-biri ilə dostcasına və mehribancasına söhbət edirmişlər. Bütün bunlar çox qeyri-təbii olsa da, müəllifin vecinə gəlmir. İmamın düşmənləri paylarını layiqincə aldılar – müəllifin də məqsədi elə bu idi. Misteriyalar aşağıdakı epizodlardan ibarət olurdu: 1) “Peyğəmbərin qətli”, 2) “Əlinin qətli”, 3) “Müslümün Kufədə qətli”, 4) “Müslümün oğlanlarının qətli”, 5) “Mədinədən səfər”, 6) “Fərat sahilində Hürlə görüş”, 7) “Hürrün peşmançılığı və ölümü”, 8) “Kərbəla davası”, 9) “Şamda Səkinənin ölümü”, 10) “Firəng səfirinin səhnəsi”, 11) “Əsirlərin xilas edilməsi”, 12) “Əsirlərin Kərbəlaya varid olması və qəbirləri ziyarət”, 13) “Mədinəyə varid” və i.a. İranda indi də şəbeh çıxarmaq dəbdədir və bu, böyük təmtəraqla keçirilir. Azərbaycanda şəbeh axırıncı dəfə Bakıda 1920-ci ildə göstərildi. Sözün müasir mənasında Azərbaycan teatrının tarixi çox qısadır. Birinci Azərbaycan tamaşası 1873-cü ilin martında Bakıda oynanılmışdır. Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” komediyası göstərilmişdi. Tamaşada Bakı realni məktəbinin şagirdləri iştirak edirdi. Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının banisidir. Öz pyeslərinə yazdığı müqəddimədə o, deyir: “...knyaz Voronsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə 1226.-cı sənədə şəhriTiflisdə bir imarətialiyyə teatr ismi ilə bərpa edib...” Yerli dillərdə repertuar yaradılması üçün canişin tərəfindən üç komissiya düzəldilmişdi. Canişin idarəsində mütərcim vəzifəsində çalışan Mirzə Fətəli Axundov Azərbaycan komissiyasına rəhbərlik etməli idi, lakin o zaman o, rus və Avropa ədəbiyyatları ilə tanış olan yeganə azərbaycanlı olduğundan, özü bilavasitə pyes yazmaqla məşğul olmalı oldu. Mirzə Fətəli Axundovun Azərbaycan və İran həyatından aldığı altı pyes Azərbaycan teatrının ilk pyesləri idi. Knyaz Voronsovun Tiflisdə bütün Qafqazda ilk dəfə olaraq teatr yaratmaqdan məqsədi Zaqafqaziyada çarizmin möhkəmləndirilməsi üçün teatrdan bir vasitə kimi istifadə etmək idi. Bu vəzifə Mirzə Fətəli Axundova izah edilmişdi, o da vicdanla bu vəzifəni yerinə yetirirdi. O zaman Zaqafqaziyada ən qüvvətli və nüfuzlu ictimai qrup ruhanilik idi. Knyaz Voronsov İki başlı bir oyun oynayırdı: bir tərəfdən o, Zaqafqaziya şeyxül-islamının simasında ruhaniliyə hər cür hörmət edirdi, digər tərəfdən isə Axundova, əhalinin gözündə ruhaniliyi nüfuzdan salmağı təklif edirdi. Mirzə Fətəli Axundov ruhanilik əleyhinə birinci hücumu “Kimyagər” komediyasında etdi. Bu pyesdə dağlara çəkilərək etikafa oturan fırıldaqçı bir molla göstərilir; həmin molla guya elə bir iksir sahibidir ki, mis və dəmiri xalis gümüşə çevirir. Molla onun möcüzələrinə inanaraq öz dövlətini gümüşə dəyişmək üçün gətirən sadəlövh, avam əhalini əsli olmayan gümüşlə aldadıb talayır. Çar hökumətinə və rus qanunlarına hörmət Axundovun bütün pyeslərində bu və ya digər şəkildə təbliğ edilir. Bəzi pyeslərdə (”Hacı Qara” və “Xırsquldurbasan”) o, bunu açıqdan-açığa edir, digərlərində isə (”Lənkəran xanının vəziri” və “Mürafiə vəkilləri”) İran məhkəməsinə gülərək, rus ədliyyəsini üstün tutur. Voronsovun tapşırıqlarını yerinə yetirərək Mirzə Fətəli Axundov rus burjua mədəniyyəti uğrunda qızğın çalışırdı. Mirzə Fətəli Axundovun, onun yolunu davam etdirənlər üçün nümunə olan pyesləri ona görə qiymətlidir ki, bu pyeslərdə son dərəcə gözəl tiplər və təmiz xalq dili vardır. 1850-1856-cı illər ərzində yazılan bu əsərlər ancaq 1873-cü ildə səhnə üzü gördü. İlk dəfə meydana çıxarkən bu pyeslər bomba partlayışı təsiri bağışladı. Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Pyesdən bir nüsxə almaq və onu yandırmaq savab iş hesab edilirdi. Şahidlər danışırlar ki, Gəncənin şəhər meydanında nəhəng bir tonqal qalanmışdı, burada Axundovun pyesləri təntənəli bir surətdə yandırılırdı. Axundov öz kafir elan edilmişdi. 1878-ci ildə Axundov vəfat etdikdə ruhanilər onun namazını qılmaqdan boyun qaçırır; bu isə o zamankı adamlar üçün ən böyük bir ləkə hesab olunurdu. Axundov meyiti üç gün yerdə qaldıqdan sonra canişin qazaqları gəlib onu qəbiristanlığa aparırlar. Ruhanilik Mirzə Fətəli Axundovun pyeslərini bu cür qarşılayırdı. Bakıda 1873-cü il tamaşasına gələnlər yalnız məmurlardan və bir ovuc Azərbaycan məmur ziyalılarından ibarət idi. Ruhaniliyin təsiri altında olan Azərbaycan əhalisinin düşmən münasibəti ucbatından Azərbaycan pyeslərinin kütləvi tamaşasını təşkil etmək nəinki çətin, hətta qorxulu idi. Burada biz kiçik bir ricətə yol verərək, bir qədər sonrakı vaxtdan yazmaq istəyirik. 1892-ci ildə Şuşada İki qastrolçunun – Safrazyanların iştirakı ilə həvəskarlar tərəfindən Azərbaycan tamaşası düzəldilmişdi. Səhnə cavanların qumar oynadığı bir otağı təsvir edirdi. Tamaşada göstərilən hadisələrin gedişində mübahisə meydana çıxır və qumar oynayanlardan birisi özünün haqlı olduğunu sübut etmək üçün İmamlardan birinə and içir. Bu kifayət idi ki, salonda böyük bir tufan qopsun. Fanatiklər əllərində tapança və xəncər səhnə arxasına atıldılar ki, xalq müəllimlərindən ibarət olan həvəskar-artistlərin əhədini kəssinlər. Tamaşa pozuldu, həvəskarlar qrimdə və teatr paltarında küçəyə qaçdılar. Ertəsi gün kənd müəllimlərini və pyesin müəllifini tutmaq üçün tədbirlər görüldü. Müəllimlər gecə ikən fürsət tapıb kəndlərə dağılışırlar, müəllif isə qapını bağlayıb öz evində gizlənir. Axşam müəllif qohumları ilə birlikdə qoca mollanın yanına gedib pyesin əlyazmasına ona göstərir və Qurana and içir ki, “günah” sözlər həvəskarların öz “uydurmalarıdır”; müəllif and içir ki, onun əsərində həmin sözlər yox idi və molladan xahiş edir ki, özü əlyazmasını oxuyub inansın. Molla anda inanır, ancaq əlyazmasını oxumaqdan boyun qaçırır. Sabahı molla mötəbər adamları çağırtdırıb onları yola gətirir ki, camaatı sakit eləyib müəllifdən əl çəksinlər. Müəllifi rahat buraxırlar, amma Şuşa həvəskarları ta 1899-cu ilə qədər bir daha tamaşa göstərməyə cürət etmirlər. 1873-cü ildən 1880-ci illərədək Azərbaycan tamaşaları haqqında heç bir məlumat yoxdur. 1880-ci ildə professional aktyorlar olan Stepan və Alma xanım Safrazyanlar Zaqafqaziya şəhərlərini dolaşaraq, yerli Azərbaycan ziyalılarının köməyi ilə Azərbaycan tamaşaları verir. Axundovun komediyalarını və azərbaycanca pyes yazan erməni Mədətyanın əsərlərini oynayırlar. 1880-ci illərin əvvəlində Qorkidə Zaqafqaziya müəllimlər seminariyası Azərbaycan əhalisi içərisindən xalq müəllimləri buraxmağa başlayır. Rus və əcnəbi ədəbiyyatı, Axundovun əsərləri və Tiflis teatrları ilə tanış olan bu gənclik Bakıda, Gəncədə, Şuşada, İrəvanda və başqa yerlərdə müntəzəm olaraq bir sıra tamaşalar verir. 1890-cı illərin əvvəllərində ziyalıların sayı artır; Axundov yolunu davam etdirən dramaturqlar meydana çıxır, repertuar genişlənir. Bu zaman Nəriman Nərimanov Bakıya gəlib çıxır; bir çox müəllim yoldaşlarının köməyi ilə daimi həvəskar truppası təşkil edir. Tamaşalar camaatı cəlb etməyə başlayır. Azərbaycan dram cəmiyyətinin yaradılması haqqında məsələ qaldırılır, lakin çar hökuməti nizamnaməni təsdiq etməyə razılıq vermir. 1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və həvəskarlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi. Səhnəsi, dekorları olmayan klublarda tamaşalar verilirdi; teatr bərbərləri yox idi, onları elə dəlləklər əvəz edirdilər ki, qrimdən qətiyyən başları çıxmırdı. Pariksiz oynayırdılar, bığ və saqqalı qoyun yunundan qayırırdılar. Paltar, xüsusən qadın paltarı daha çətin bir məsələ idi. İlk zamanlar qadın rollarını kişilər oynayırdılar; səhnə üçün qadın paltarı borc almağı heç kəs boynuna götürmürdü. Bakıda vəziyyət nisbətən yaxşı idi. Dekorları, lazımi akssesuarı olan həqiqi teatr var idi; bərbər də var idi. Lakin Azərbaycan tamaşaları üçün paltar yox idi. Teatrın sahibi binanı rus truplarına icarəyə verirdi, onlar isə öz tərəflərindən binanı Azərbaycan və erməni tamaşaları göstərmək üçün icarəyə verirdilər. Rus trupunun Azərbaycan paltarı yox idi və qadın paltarları üçün adətən... fahişəxanalara gedirdilər. 90-cı illərin axırlarında Bakıda qadın rollarını Azərbaycan dili bilən rus və ya erməni qadınları oynamağa başlayırdılar. Tamaşa üçün bina almaq çox çətin idi: rus antreprenyorları teatr binasını Azərbaycan tamaşaları üçün çox könülsüz verirdilər və əgər razılıq verirdilərsə də, çox yüksək qiymət (gecəsi 300 manata qədər) qoyurdular. Biletlərin satılışını təşkil etmək də çətin bir məsələ idi. Teatrın kassasından bilet alan olmurdu. Yerli məktəblərin şagirdləri biletləri bazarda dükançılara satırdılar. Çox zaman dükançılar şagirdlərlə ədəbsiz rəftar edirdilər. Həvəskarların vəziyyəti də pis idi. Onlar küçələrdə və bazarda çox nalayiq sözlər eşitməli olurdular; halbuki onların əksəriyyəti pulsuz oynayırdı: 1905-ci ilə qədər bütün tamaşalar xeyriyyəçilik məqsədilə verilirdi və tamaşalardan toplanan pullar kasıb uşaqların oxutdurulmasına sərf edilirdi. 1905-ci il inqilabına qədər vəziyyət belə idi. * * * 90-cı illərin əvvəllərində Mirzə Fətəli Axundovun davamçılarının sayı artır. Bu dövrdə pyeslərin mövzuları çoxarvadlılıq, nadanlıq, rüşvətxorluq, möhtəkirlik, mülkədarların sərxoşluq və əyyaşlığı, Neft torpaqları ilə alver və s. ibarət idi. Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə, onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi, çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi. Axundov zamanında sadə bir polis belə böyük bir vəzifə sahibi hesab edilirdi; canişin dəftərxanasının mütərcimi isə Qafqazın müstəmləkəyə çevrilməsində canişinin sağ əli sayılırdı; odur ki, o, arxayın öz işini görərək şəxsi həyatı üçün nigaran olmaya bilərdi. 90-cı illərin gəncliyi isə bambaşqa bir vəziyyətdə idi. O, nəinki özünü, həm də teatrı xilas etməli idi. Gəncliyin vəziyyətini təsəvvür etmək üçün yuxarıda nağıl etdiyimiz Şuşa tamaşası əhvalatı tamamilə kifayətdir. 90-cı illərin gənc dramaturqları nəsihətamiz pyeslərlə kifayətlənmirdilər. Bu dramaturqlar rus və Avropa ədəbiyyatlarına da nəzər etdirirdilər, onları Azərbaycan zəmininə köçürməyə təşəbbüs edirdilər. Rus və əcnəbi yazıçılardan bir neçə pyes (Qoqolun “Müfəttiş”i, Tolstoyun “Əvvəlinci şərabçı”sı, Dyançenkonun “Qurbana qurban”ı, Şillerin “Qaçaqlar”ı, Şekspirin “Otello”su tərcümə edildi; lakin indi tamaşaçılar tərəfindən böyük maraqla baxılan bu pyeslər o zamankı tamaşaçılar üçün çətin və maraqsız idi. 90-cı illərdə birinci dəfə olaraq tarixi pyes də yarandı, ümumiyyətlə tarixi, xüsusən qəhrəmanlıq tarixini sevən Azərbaycan tamaşaçısı həmin tarixi pyesi çox yaxşı qarşıladı. Bu pyes Nərimanov yoldaş tərəfindən yazılmış “Nadir şah” adlı tarixi faciə idi. * * * 1905-ci il inqilabı həm Azərbaycan teatrında, həm də Azərbaycan dramaturgiyasında həqiqi bir təbəddülat yaratmış oldu. Bu vaxta qədər gizli yaşayan “Nicat” maarif cəmiyyəti geniş fəaliyyətə başladı. Cəmiyyət özünün xüsusi dramatik trupunu yaratdı ki, burada mərhum Ərəblinski, Əbülfət Vəli və İndi Azərbaycan dram teatrında çalışan Sidqi Ruhulla kimi ilk professional Azərbaycan aktyorları var idi. Bina cəhətdən əziyyət davam edirdisə də, rekvizit barədə vəziyyət xeyli yüngülləşdi, cəmiyyət abırlı bir qarderob düzəltdi. Qəzetlər, nəşriyyatlar, mətbəələr yarandı; pyes və afişalar üçün qoyulmuş polis senzoru götürüldü – teatr işi getdikcə sahmana düşməyə başladı. Doğrudur, dəyişiklik ancaq Bakıya aid idi; o biri şəhərlərdə vəziyyət əvvəldə olduğu kimi qalırdı. Yalnız hərdənbir, “Nicat” cəmiyyətinin artistləri Gəncəyə, Tiflisə, Nuxaya, Lənkərana, Petrovska (Mahaç Qalaya) və hətta Volqaya qastrola çıxırdılar. Teatr işinin genişlənməsi ilə əlaqədar olaraq, yazılan pyeslərin sayı da artdı. Ancaq bunların çoxu millətçi panislamist pyeslər idi (”Xalid ibn Valid”, “Ərmənusa”, “Köhnə Türkiyə”, “Yezid ibn Müaviyə”, “Əbül-Üla”, “Vətən”, “Ədirnənin fəthi” və i.a.). Bu repertuarla yanaşı inqilabi pyeslərin də oynanılması üçün zəif təşəbbüs edilmirdi. “Bəxtsiz cavan” kimi burjua-inqilabçı bir əsər səhnəyə qoyuldu. Pyes İki qütbün – köhnəliklə yeniliyin mübarizəsini təsvir edirdi. Köhnəliyin nümayəndəsi, ixtiyarında olan kəndlilərin dərisini soyan tüfeyli mülkədar və səlimçi idi. Yeni nəsli isə mülkədarın qardaşı oğlu, kəndlilərin torpaq hüququnu müdafiə edən gənc bir sosialist-inqilabçı tələbə təmsil edirdi. Bu qeyri-bərabər mübarizədə gənc məğlub olub, özünü intihar edir. Bu pyes 1900-cü ildə yazılmışdı, səhnədə isə yalnız 1905-ci ildən sonra oynana bildi. Inqilabi ruhda yazılmış ikinci pyes “Qaranlıqda işıq” idi ki, sosial-demokrat gəncliyin gizli fəaliyyətini təsvir edirdi. * * * Bir sıra millətçi və pantürkist pyeslərin meydana çıxması iki səbəbdən irəli gəlirdi. Birinci səbəb – erməni-Azərbaycan davası idi ki, bunun nəticəsində hər iki xalq içərisində millətçi əhvali-ruhiyyə gücləndi. İkinci səbəb – osmanlı ədəbiyyatının böyük bir qismi Rusiya imperiyasında yaşayan türk-tatar xalqlarının ədəbiyyatı üzərində öz ağalığını təmin etmək cəhdi idi. Bu hərəkatın əsasını pantürkizm və bütün türk-tatar aləminə osmanlı dilini qəbul etdirmək arzusu təşkil edirdi. Türk-tatar xalqlarının demək olar ki, heç bir mətbuatı olmadığından osmanlı pantürstləri 1905-ci ilə qədər öz proqramlarını geniş bir şəkildə həyata keçirmək imkanından məhrum idilər və öz qəzet və kitablarını göndərməklə kifayətlənirdilər. 1905-ci il inqilabı hər cür qəzet, jurnal və kitab nəşr edilməsi üçün imkan yaratdı. Bundan istifadə edən osmanlı pantürkistləri Bakıya üç jurnalist – Əlibəy Hüseynzadə, Əhməd Kamal və Səbribəyzadə Xalid Xürrəmi ezam etdilər. Bu jurnalistlərin rəhbərliyi altında, demək olar ki, bütün yazıçı gəncliyi öz tərəfinə cəlb edən “Füyuzat”, “Şəlalə” adlı jurnallar nəşr edilməyə başladı. Yalnız kiçik bir yazıçı qrupu “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşaraq, Azərbaycan dilini osmanlılaşdıranlarla açıq və barışmaz mübarizə aparırdı. Bu mübarizəyə baxmayaraq, osmanlı dilini təbliğ edənlər özlərindən sonra çox pis bir irs qoyub getdilər ki, bizim yazıçı gənclik İndi də ondan yaxasını tamamilə qurtara bilməmişdir. Pantürkist təbliğatçılar müəllim və professor pərdəsi altında Azərbaycanda sovet dövründə də meydana çıxdılar, lakin tezliklə Azərbaycan dili və ədəbiyyatının yaxasını buraxıb öz vətənlərinə qayıtmağa məcbur oldular. Bununla belə, Azərbaycan hələ indiyədək dil və ədəbiyyatın osmanlılaşdırılması qalıqlarından xilas ola bilmir. Fevral inqilabı Azərbaycan teatrı və dramaturgiyasına o qədər də fərəhləndirici bir şey gətirmədi. 1917-ci ildə bərbərxanada pilətə partlayışından dram teatrı büsbütün yandı. Yeganə xüsusi opera teatrı eyni zamanda dram teatrına çevrildi. 1918-ci il daşnak-müsavat toqquşması zamanı müsəlman xeyriyyə cəmiyyətinin çox böyük bir binası yandı. Bu binada “Nicat” maarif cəmiyyətinin idarə heyəti, kitabxanası, teatr qarderobu və sair ləvazimatı yerləşirdi. 1918-ci ilin sentyabrında Azərbaycanda əcnəbi qonşuların köməyi ilə müsavat hökuməti quruldu. Müsavatçılar opera teatrını dövlət üçün aldılar və dövlət teatrı adlandırıb İki trup: dram və opera trupları təşkil etdilər. Bir binada dörd trup: rus dram və rus opera, Azərbaycan dram və Azərbaycan opera trupları çalışmalı oldu. Aydındır ki, belə bir vəziyyətdə nə teatr, nə də dramaturgiya inkişaf edə bilməzdi. Teatrın repertuarı köhnə repertuar olaraq qalırdı, lakin “Ədirnənin fəthi” və “Azərbaycan” kimi millətçi pyeslər repertuarda əsas yeri tuturdu. * * * 28 aprel 1920-ci il Azərbaycan mədəniyyəti üçün yeni bir dövrün başlanğıcı oldu. Həmin gün Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ildə Azərbaycanda savadsızlar 98 faizi təşkil edirdi. Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi. Maarif komissarlığı böyük bir enerji ilə əvvəllər milyonçu Tağıyevin xüsusi mülkü olan yanmış teatrı bərpa etdirməyə başladı. Dağıntı dövründə, mismar belə tapmaq çətin olduğu bir zamanda teatr bərpa edildi və “Azərbaycan Dövlət Dram Teatrı” adlandırıldı. Daima artist kadrları yaradıldı. On illərlə burjuaziya və pullu aristokratiyaya xidmət edən proletariatın malı oldu. Inqilabın ilk illərində kütlələri teatra cəlb etmək məqsədilə tamaşalar pulsuz verilirdi, biletlər həmkarlar ittifaqları vasitəsi ilə paylanırdı. Bəzi köhnə dramaturqları inqilab qəflətən yaxalamış oldu. Onlar bir zaman nədən və necə yazmağı bilmədi. Repertuar sanki ilişib yerində qaldı. Lakin bir müddət sonra dramaturgiya canlandı. “Hamlet”, “Kral Lir”, “Otello”, “Qaçaqlar”, “Şıltaq qızın yumşalması”, “Tom dayının koması”, “Çarleyin xalası”, “Kapitan Qrantın uşaqları”, “Kreçinskinin toyu”, “Yurdsuz insanlar”, “Müfəttiş”, “Vilhelm Tel”, “Şahın bərbəri”, “Dairənin mürəbbələşməsi”, “Qorxu”, “Lyubov Yarovaya”, “İntervensiya” və s. əsərlər azərbaycancaya tərcümə edildi. Bir zaman azərbaycanlılarla ermənilər arasındakı düşmənçilik münasibətləri tam dostluq münasibətlərinə çevrildi. Erməni dramaturqlarının – Sundukyanın və Şirvanzadənin əsərləri Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin pyesləri isə erməni dilinə tərcümə edildi. Qısa bir müddətdən sonra inqilabi-təbliği məzmunlu əsərlər də meydana gəlməyə başladı. Azərbaycan dram teatrı ilə yanaşı kiçik formalar teatrı (tənqidtəbliğ teatrı) işə başladı. Bu teatr demək olar ki, bütün dramaturji qüvvələri öz ətrafına topladı; burada həm “qocalar”, həm də cavanlar çalışırdı. Teatra xalq artisti H.Abasov yoldaş rəhbərlik edirdi. Teatrın xidmətlərindən birisi də oyuna azərbaycanlı aktrisalar cəlb etməsi idi. Onun rəhbərliyinin səyi sayəsində İndi Azərbaycan səhnəsində tamaşaçıların məhəbbətini qazanmış bir neçə azərbaycanlı aktrisa işləyir. Azərbaycan tənqid-təbliğ teatrı sonralar Azərbaycan İşçi Teatrına çevrildi. İndi bu teatr Gəncəyə köçürülmüş və “İkinci dövlət teatrı” adı altında işləyir. Teatrlar üçün kadrları 1923-cü ildə açılmış Azərbaycan teatr texnikumu hazırlayır. 13 il müddətində tamaşaçıların teatra münasibəti dəyişmişdir. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər dolur, bəzən teatr tamaşaya iki gün qalmış anşlaq asmalı olur. Yaxın keçmişə qədər teatra gizlin gələn və örtülü lojalarda oturan azərbaycanlı qadınlar, İndi tamamilə üzü açıq olaraq həm lojalarda, həm də parterdə kişilərlə yanaşı otururlar. Bir zaman hamıya avara və müftəxor görünən dramaturq və artistlər indi şərəf və hörmətlə qarşılanırlar. * * * Molla Nəsrəddin haqqında xatiratım “Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu. Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi. Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlamayan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdikdən sonra ürəyini ələ alıb, özünə şərik etməz idisə də, jurnal düşmənliyindən çəkİndirirdi. “Molla Nəsrəddin”in qüvvəli düşmənləri, məsələn, İrəvan və Naxçıvan xanları, ya Qarabağ, Gəncə bəyləri Tiflisə gedəndə jurnalın idarəsinə getməyi özlərinə borc hesab edirdilər və getməkdən məqsəd ancaq Mirzə Cəlilin o “murdar sifətini” görmək və sonra lazımi yerində onu məsxərə etmək idi. Nəhayət, bu xəyal ilə onun yanına gedib onunla bir qədər müsahibə etməkdən sonra başqa bir vəziyyətdə çıxırdılar. Və: – Canım, kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yazmamalıdır, – deyirdilər; deməli, onun haqlı olduğunu düşmənlə də təsdiq edirdilər. “Molla Nəsrəddin” jurnalı çıxmağa başlayanda mən Şuşada idim; 1906-cı sənənin 30 aprelində çıxan birinci nömrəsi may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında bir bomba tək partladı. Birinci nömrənin birinci səhifəsində mollalara zərbə vurması, həmişə üsuli-şeyxi və Hacı Kərimxanı söhbətlərinə məşğul olan və mollaları “başlarında gəzdirən” Şuşa əhalisinə təsirini qələm təsvir etməkdən acizdir. Gah onun adını misyoner və xalqı müsəlmanlıqdan döndərib xaçpərəstliyə çəkmək istəyən jurnal qoydular, gah danışırdılar ki, guya bu jurnalı nəşr edən babilərdir. Mollalar jurnal yazanları və oxuyanları təkfir edib deyirdilər: – Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır: onu maşa ilə götürüb ayaq yoluna atmaq lazımdır. Bu sözlər bir Qarabağda yox, Zaqafqaziyanın hər bir şəhərlərində deyilirdi. Mirzə Cəlil həmişə deyirdi: – Mən bu jurnalı Tiflisdə çıxartmayıb sair bir şəhərdə, məsələn, Bakıda, Irəvanda çıxarsa idim, yəqin birinci nömrədən sonra mənim idarəmi dağıdıb özümü də öldürərdilər. Tiflis, xüsusən, Davidovski küçə müsəlman məhəlləsindən uzaqdır, mənim qanımın arasına girmiş, ancaq burada bir növ jurnal çıxartmaq mümkündür. “Molla Nəsrəddin”in birinci nömrəsi Şuşada neçə adamın hüsnitəvəccöhünü də qazandı. Şuşa ziyalılarından advokat Həsənəlibəy Sarıcalı birinci abunə yazılıb, “Molla Nəsrəddin”ə “Mirzə Qoşunəli Təbrizi” təxəllüsü ilə məqalələr yazıb göndərməyə başladı və “Molla Nəsrəddin” in intişarı yolunda da lazımi səydən geri durmadı. O kişi həmişə deyirdi: – Tiflisə yolum düşərsə, əlbəttə, gedib Məmmədquluzadəni görüb üzündən öpəcəyəm. Belə də biz hamımız, yəni ziyalılar Mirzə ilə görüşməyi arzu edirdik. Mirzə Cəlil ilə birinci dəfə mən Şuşa realni məktəbin yuxarı siniflərində oxuduğum zaman tanış olmuşdum. Yay fəslində üç nəfər İrəvan müəllimi Şuşa müəllimlərinə qonaq gəlmişdilər; bunların birisi Cəlil Məmmədquluzadə idi. Onunla yavıq tanış olmağım 1906-cı sənəsinin noyabr ayında müyəssər oldu. Noyabr ayında Rusiyadan Tiflisə gəlib bir qədər mehmanxanada rahat olduqdan sonra birbaş “Molla Nəsrəddin” idarəsinə getdim. Nəhayət, Məmmədquluzadəni görə bilməyi, Faiq Nemanzadə ilə bir az söhbət eləyib, Mirzənin mənzilinin adresini də ondan öyrəndim və o biri günü onun yanına getməyi qərara aldım. O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Bir saat ondan keçməmiş Davidovski küçəsində Mirzə ilə bahəm əyləşib söhbətə məşğul olduq. Jurnalın məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu. Mirzə deyərdi: – Adını mühərrir qoyub ortalığa çıxan gərək bir-bir vəziyyəti nəzərdə tutsun. Yəqin mühərririn düşməni dostundan çox olacaq; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərririn qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar mənim dostum düşmənimdən çox olar, mən ona əminəm. Fəqət gərək ziyalı cavanlar kömək versinlər, bu böyüklükdə yükü bir adam götürə bilməz. Jurnalın dilinin sadəliyi haqqında deyirdi: – Mən axundlar üçün, savadlılar üçün yazmayıram, mən avam kütlə üçün yazıram, ona görə də gərək mənim dilim sadə və avam üçün anlaşılan olsun. Bu söhbətin nəticəsində mən öz bacardığım köməyi vəd edib, 1907-ci ildən başlayaraq, axır günlərədək Mirzə Cəlil ilə bərabər “Molla Nəsrəddin”də işlədim. Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-beyzası var idi. Guya ki, mövzuları cibindən çıxardırdı. Bir dəfə cəm olub “İbrahimbəy səyahətnaməsi”ndən söhbət edirdik: burada “Molla Nəsrəddin” dostlarından Faiq Nemanzadə, Səlman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Səlman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə səbəb idi. “İbrahimbəy səyahətnaməsi”ndən söhbət olduqda mən dedim: – Nə olardı bu kitaba nəzirə bir “Səyahətnameyi-Molla Nəsrəddin” də olaydı. Aya, görərsən Molla Nəsrəddin islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər. Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: – Gəlin biz “Mozalan”ı gəzdirək; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqət bu adam gəlib, buraları görüb bu felyetonları yazmış. Belə də oldu. Birinci felyetonu mən başlayıb mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Səlman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, “Mozalanbəyin səyahətnaməsi” ortalığa çıxdı. “Molla Nəsrəddin” jurnalı getdikcə özünə hər bir şəhərdə dostlar qazanmağa nail oldu. Hər yerdən ona məqalələr, xırda xəbərlər gəlməyə başladı. Şamaxıdan, Göyçaydan, Nuxadan, Gəncədən, Qarabağdan, Vladiqafqazdan, hətta Irandan da məqalələr gəlirdi. Get-gedə “Molla Nəsrəddin” şöhrət və nüfuz qazanıb düşmənlərini iztiraba saldı. 1907-ci sənədə “Molla Nəsrəddin” qadın azadlığı məsələsini ortalığa atdı. Bu məsələ Zaqafqaziya xalqını iki hissəyə böldü, bir yanda hürriyyətpərvər ziyalılar, o biri tərəfdə mollalar, mollanümalar, sərvətdarlar və bunlara yaltaqlıq edən “ziyalılar”. Deməli, bu yerdə iki cəbhə əmələ gəldi. Bir cəbhənin başında “Molla Nəsrəddin”, o biri cəbhənin başında “Tazə həyat” qəzeti ki, Hacı Zeynalabdin Tağıyevin xərcində nəşr olunurdu. “Şəlalə” məcmuəsi və “İşıq” məcmuəsi. Haman ilin may ayında mən Bakıya gəlmişdim. Qəzetdə iranlıların “İttihad” məktəbinin ildönümü olması xəbərini oxuyub oraya getdim. Böyük izdiham var idi. Bir neçə nitqdən sonra Bakı qəzası Mirməhəmməd Kərim ayağa qalxıb dedi: – Həzərat! Mən danışmaq istəməzdim, lakin şəri-təklif məni danışmağa vadar edir. Bir nəfər şəxs çıxıb ortalığa, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxardır. İndiyə kimi hər nə cəfəngiyat yazıb onunla işim yoxdur, özü bilər, öz Allahı. Ancaq axır vaxtlarda islamın kökünə balta vurmağa başlayıb. Yazır ki, müsəlmanlar arvadlarını açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz. Bunun müqabilində bir tədbir lazımdır. Bu məclisdə “Molla Nəsrəddin”in boykot olunması qərara alındı. Söz yox ki, boykot tərəfdarları “Molla Nəsrəddin”i oxuyanlar deyildilər. “Molla Nəsrəddin”in rövnəqinə və rəvacına səbəb olan amillərdən biri də Sabirin əşarı idi. Sabirlə mənim yavıq rəfaqətim var idi: onunla çox görüşüb çox müsahibədə bulunurdum. Sabirin təbinə, qafiyəpərdazlığına, bədahətən şeir söyləməsinə heç bir söz olmazdı. Sabir həqiqət şeirdə böyük məharət yetirmiş bir şair idi. Sabir “Molla Nəsrəddin” dən çox qabaq şeirlər yazardı. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Molla Nəsrəddin” və Mirzə Cəlil idi. 1913-cü sənədə Mirzə Cəlil şair Əliqulu Nəcəfzadə “Qəmküsar” təxəllüsü özünə redaktor yoldaşı qəbul etdi. Nəcəfzadə qabil, mövzu təbli, dərin ittilatlı və son dərəcədə hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi əşar onun hafizəsində idi. Əliqulu Nəcəfzadə ondan da qabaq “Molla Nəsrəddin”ə “Cüvəllağı” imzası ilə şeirlər yazıb göndərərdi. Onun ikinci redaktor olması jurnalı daha da ruhlandırdı. Nəhayət, 1919-cu sənədə onun vəfatı “Molla Nəsrəddin”ə böyük bir zərbə vurub, hətta jurnalın üç il dayanmasına səbəb oldu. 1922-ci ildə, Azərbaycan sovetləşdikdən sonra Mirzə Cəlil Bakıya köçüb köhnə yoldaşlarını başına cəm edib jurnalı nəşr etməyə başladı. “Molla Nəsrəddin”də iştirak edənlərdən mən tanıdıqlarım Mirzə Ələkbər Sabir, Əli Razi Şəmsizadə (Dabanıçatdaqxala), Səlman Mümtaz (Xortdan bəy), Əli Nəzmi (Sijimqulu), Əli Məhzun (Yetim cücə), Yusif Kənan (Qoşunəli) və Əliqulu Nəcəfzadə (Cüvəllağı) idilər. * * * Keçmiş günlərdən Birinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm. 1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar. Əsərin pərdələrindən birisində Qarabağda toy məclisi göstərilirdi. Qarabağda olan adət üzrə (bəlkə bu adət Azərbaycanın başqa şəhərlərində də vardır) hər toyda qumar oynayanlar üçün xüsusi bir otaq ayrılardı. Qumarbazlar, çalandan, oxuyandan xəbərsiz olaraq toyun axırına qədər gecəgündüz qumarla məşğul olardılar. Səhnədə qumar məclisi göstərilirdi. Bir guşədə dörd nəfər əyləşib “dörd aşıq” oynayırlardı. Bir aşığın “alçı” durması üstündə mübahisə düşür. Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, birisi, aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək üçün birdən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq alçıdır”. Bu sözlər teatro salonunda bir bomba kimi partlayıb, tamaşaçıların arasında böyük bir qarışıqlığa səbəb oldu. Teatrada olan gənclər (qocalar və qadınlar teatroya getməzdilər): “Bu məlunlar, dinsizlər, Allahı tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi nalayiq bir yerdə Həzrət Abbasın adını çəkirlər” – deyə xəncər və tapançalara əl atdılar. Teatro yarımçıq pozuldu, “aktyorlar” dal qapıdan qaçdılar. Səhnədə iştirak edən bir müəllim əynindəki qadın paltarını soyunmağa vaxt tapmadığından, öz paltarlarını qoltuğuna alaraq evlərinə qədər qaçmışdı. Sabahı günü şəhərin gəncləri silahlanıb kənd müəllimlərini avlamağa çıxdılar. Müəllimlər isə hamısı qaçıb öz kəndlərinə getdilər. Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, ancaq and olsun bu Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən 1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər. * * * Ədəbi dilimiz haqqında Axır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl. 1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi. Türklərin bir mətbəəsi yox idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi üçün olub, bərbad bir halda idi. Bu səbəbdən məktəblərdə tədris kitabları və camaatın oxuduğu kitablar ancaq “Leyli və Məcnun”, “Gülüstan”, “Bustan”, “Tarixi-Nadir” və bu qəbil Iranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilini tam mənasilə ağalıq edirdi. O vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar. Danışıq əsnasında işlətdiyimiz cümlələr fars quruluşunda olurdu. Məsələn: “Qəzetlərdən yazılanlardan böylə görünür ki, bu il Azərbaycanın pambıq məhsulu bol olacaqdır”, “Mən sənin evinə gəlmərəm, çünki səndən incimişəm”, “Hərgah mənə kağız yazmaq istəsən, bu ünvana yaz” və ilax... Danışıq vaxtında fars ləfzlərinin çox işlənməsi indi də savadlılığa dəlil hesab olunur. Fars dilinin təsiri sayəsində türk istilahlarını itirib, fars istilahlarını işlətməyə möhtac olmuşuq. Bu istilahları arayıb tapmaq üçün ciddi çalışmaq lazımdır. Azərbaycan türk aləmində birinci dəfə meydana çıxmış kitab Mirzə Fətəlinin komediyaları və “Aldanmış kəvakib” sərlövhəli hekayəsidir. Komediyaları Azərbaycanın el dilində yazılmış, hekayə isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz çətin oxunur. Öz tərcümeyi-halını Mirzə Fətəli fars dilində yazmış, 70-ci və 80-cı sənələrdə təsadüfi olaraq Rusiya çar hökuməti iki-üç qəzetəyə icazə veribsə də, sonra peşman olub, onları bir neçə ay davamlarından sonra qapamış. Bu qəzetlərin biri 1875-ci sənədə Bakıda nəşr olunan Həsən bəy Zərdabinin “Əkinçi”si və İkincisi Tiflisdə 1883-cü ildə çıxan “Kəşkül” və “Ziyayi- Qafqaz” qəzetləri idi. Bu iki qəzetənin naşiri Cəlal əfəndi Ünsizadə idi. “Əkinçi” qəzetəsinin iki dili var idi. Zərdabinin dili və mühərrirlərinin dili. Həsən bəyin işlətdiyi cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi; müxbir və mühərirləri isə fars cümlələri və fars dili işlədirdilər. Cəlal əfəndinin “Kəşkül”ünü həmçinin lüğətsiz oxumaq çətin idi. Odur ki, bu qəzetlər də bir ədəbi dil yarada bilmədilər. 90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular. Böylə ziyalılarımız İndi də az deyildir. Bir neçə cümlə göstərmək yersiz olmaz. “O adamlar hansılar ki, bu işdə iştirak edirlər”, “Mənim qardaşım tarda yaxşı oynayır”, “Əhmədin qızı ərə çıxdı”, “Bu işin müqabilində bir ölçü götürmək lazımdır” və ilax... Dilə qarışmış hədsiz rus sözlərindən danışmağa ehtiyac yoxdur. Ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram. Sultan Əbdülhəmid zamanında osmanlı ədibləri hökumətin təhriki altında osmanlı türk ədəbiyyatının cəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yolunda cidd-cəhd edirdilər. Azərbaycanda ədəbiyyat olmadığından bu yerlərə əl atmayırdılar. Öylə ki, 1905-ci il inqilabından sonra Azərbaycanda ədəbiyyat yolunda böyük bir hərəkət əmələ gəldi: mətbəələr quruldu, qəzetələr intişara başladı, ədiblərin fəaliyyətləri yüksəldi; maarif cəmiyyətləri, dram dərnəkləri təşkil olundu, ədəbiyyat kitablarının sayı gün-gündən artmağa başladı. Bunu gördükdə osmanlı ədəbiyyatının ağalıq xülyası cünbüşə gəldi. Bu əsası icra etmək üçün bir neçə nəfər İstanbuldan Azərbaycana ezam olundu. Əlibəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə “Füyuzat”ı nəşrə başlayıb, türk Azərbaycan dilini osmanlılaşdırmağa qədəm qoydu. Bunun müqabilində “Molla Nəsrəddin”in amansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu altına çəkdi. Əlibəydən sonra Əhməd Kamal “Yeni Füyuzat” jurnalının başında əyləşib Əlibəy yolu ilə getdi. 1910-cu illərdə Səbribəyzadə “Şəlalə” jurnalı ilə meydana atıldı. Bu adam, ondan qabaq gələnlər kimi işlədiyindən əlavə ən mürtəce, qaranlıq sevən, tərəqqi düşməni; qadınlar təsəttürü yolunda canından, başından keçən bir şəxs idi. Bu jurnalın təsirindən cavan ədiblərimiz və şairlərimiz İndi də azad ola bilməyirlər. Cavan yazıcılarımızın şeirlərini oxuyanlar bunu təsbid edərlər. Gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: “sırt” – çiyin, “erkək” – kişi. “Ərkək” sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür. Şura hökuməti bərpa olunandan bəri Azərbaycanda ədəbiyyatın, mətbuatın sayı yüz əlli sənənin müddətində görülməmiş bir dərəcəyə çıxmış. Türkləşmiş orta, ali məktəblərdə türk dilində yazılmış və tərcümə olunmuş elmi kitablar işlənməkdədir. Söz yox ki, bu kitabların dilində ədəbi qüsurlar hədsizdir. Bu qüsurlar da dilin ədəbiləşməsinə nə qədər ziyan verə bilər. Buna görə Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.