Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Pəri cadu Beş məclisdə altı pərdədə Əfradi-məclis Pəricadu İblis Şamamacadu – küpəgirən qarı, bir gözü kor Təlxəkəcinnə Birinciəcinnə İkinciəcinnə Dərviş Hafizəxanım – dövlətli, gözəl övrət Əmrah – Hafizə xanımın nökəri Rəhim – qoca kişi, Hafizə xanımın darğası Sayad – Hafizə xanımın qulluqçusu Qurban – odunçu, bir gözəl oğlan Səlimə – Qurbanın övrəti Niyaz – Qurbanın yoldaşı Çoban Birincipərdədəiştirakedənəşxas Pərixanım İblis Dərviş Şamamacaduvəəcinnələr Müqəddimə (apofyoza) Vaqe olur Pəri xanımın evinin qabağında. Bağça, bağçanın ortasında bir hovuz. Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Pəri xanım hovuzun kənarında əyləşib ağlayır. Dərviş (daxil olur). Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən. Nədir aya bunun səbəbi? Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Nədəndir bu ev indi xərabəyə bənzəyir, ondan gecə-gündüz ahünalə səsi asimanə çıxır? Dərdini mənə söylə, qızım. Mən dünya görmüş bir şəxsəm, bəlkə sənin dərdinə bir əlac tapam. Pərixanım. Baba Dərviş, mənim dərdimin dərmanı elə bu tökdüyüm göz yaşıdır. Yanğının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğısını da ancaq göz yaşı sakit edə bilər. Dərviş. Ürək dərdinin bir əlacı da var, qızım. O da dərdi özgəyə söyləmək və özgəni dərdə şərik eləməkdir. Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır. Pərixanım. Baba Dərviş, dərd söyləməyə ana gərək, anam üç ildir ki, ölüb, bacı gərək, bacım yoxdur. Bir qardaşım var, səkkiz ildir gedib, bir xəbər yoxdur. Bir atam var, əlil. Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Dərviş. Əgər yoldaş yox isə, get çay kənarına, axan sulara dərdini söylə. Dərya kənarında əyləş, dağlar tək gəlib kənara toxunan mövclərə dərdini söylə, onlar da qayıdıb, cəmi dəryanı sənin dərdinə şərik etsinlər. Dərdini dağlara, meşələrə söylə. Leyli gecələr sübhədək yatmayıb dərdini aya, ulduzlara söyləyib, təsəlli tapırdı. Məcnun da yağış qətrələrindən Leylinin məzarındakı qarışqalara sifariş edirdi ki, onun yarının bədənini qəbrdə rahat qoysunlar. Onunla təsəlli tapırdı. Inanginən, qızım, mən dünya görmüş Dərvi şəm. Söylə dərdini mənə, qızım! Pərixanım. Qulaq ver, baba Dərviş, dərdimi söyləyim: beş ildir ki, mən bu evdə övrətəm. Doğrudur, dövlətimiz, malımız olmayıb, amma bir parça əl zəhməti ilə qazanılmış çörəyimiz olub. Bu beş ilin müddətində bir qara bulud bizim başımızın üstündən adlamayıb. Zəhmətlə qazandığımızı şad könüllə, güllər üzlə yemişik. Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Bir dövlətli övrət üçün mən iş görürdüm. Ona görə mənim ərim tez-tez oraya gedib-gəlirdi. Bir il bundan qabaq o övrətin əri ölüb. Belə məlum olur ki, o övrətin keçmişdə mənim ərimdə gözü varmış. İndi bir-iki aydır mənim ərimi salıb evinə, kənara buraxmır. Ərim isə uyub qalıb orada. Mən də gecə sübhədək ağlayıb, gündüzlər də bu əlimlə bəslədiyim bağçada əllərimlə əkdiyim gül ağacları ilə söhbət edib, bir növ günümü axşam edirdim. Övlad yox, uşaq yox, məhəbbətimi bu güllərə, çiçəklərə salmışdım; İndi bunu da mənim əlimdən alıb, məni qovurlar. Evimdən ayrıla bilmirəm, baba Dərviş. Odur ki, gecələr naləm tamam xalqa rahatlıq vermir. Odur ki... (Ucadan hönkürüb ağlayır. Dərviş Pərinin qolundan tutub qalxızır). Dərviş. Aram ol, qızım, aram ol!.. Dərdin məlum oldu. Səbəb nədir ki, gündüzlər güllər, çiçəklərlə məşğul olub, gecələr tək qalanda özünə məşğuliyyət tapmırsan? Bilmirsən ki, tək qalanların pənahı Allahdır? Qovurlar səni, get. Gündüzlər qoca atana məşğul ol, gecələr Allaha raz-niyaz et, ta sənə səbr versin. Pərixanım. Bəs məgər heç mən, mənim ürəyimi sındırıb, mənə zülm edən namərddən qisas almayım? Məni oda yandıranın oda yandığını görməyim? Qisas almayınca rahat ola bilməyəcəyəm, baba Dərviş. Dərviş. Belə sözləri fikrinə gətirmə, qızım. Bilginən, cəmi məzlumların tərəfdarı Allahdır. Hər bir dünyada zülm edən əcrini Allahdan alır. Qisas bir şərr əməldir. Zülm, həmçinin şərr əməldir. Zülm edən dünyada bir şərr törədir, ondan qisas alan da bir şərr törədib, dünyada iki şərrin törəməyinə səbəb olur. Sən şərrin müqabilində səbr et, ta şərr tək qalsın. Bu fikri başından çıxart, qızım, get atana himayə olginən və zalımı da Allah divanına tapşır. Mən də, düşəndə, bir gəlim sizin yanınıza, sizə keçmiş macəralardan, zalimin zülmündən, məzlumların zülmə təhəmmül edib, axırda təsəlli tapmaqlarından nağıl edərəm. Eşit nəsihətimi, qızım, qayıt atan evinə. Pərixanım. Güllərimdən, bağçamdan ayrıla bilmərəm, baba Dərviş!.. Dərviş. Güllər solar, bağça məhv olar. Hərgah ürəyini güldən üzüb Allaha bağlarsan, əbədi bir gülüstana müvəffəq olarsan. Fikir et qızım. Səbr et, səbr et, səbr səbr, səbr... (Gedir.) Pərixanım bir neçə qədəm Dərvişin dalınca gedib qayıdır, daş üstə əyləşir. İki əli ilə üzünü tutur. Bir qədər fikirdən sonra hövlnak qalxır. Pərixanım. Yox, qisas gərək! Zülm asimanə bülənd olan yerdə səbr etmək olmaz. Gərək cəmi yerlərin, göylərin bəlalərini köməyə çağıram. İstəmirəm axirətin behiştini. Cəhənnəmin şəyatinini köməyə çağırıb, onlar ilə əl-ələ verib, gərək nəinki öz ərimdən, bəlkə cəmi bivəfa kişi tayfasından qisas alam. Yetişin harayıma, ey göylərin huriləri, od salın bu bivəfa dünyaya! Yetişin harayıma, ey Iblis qoşunu, qisas yolunda mənə imdad edin! Hava qaralır ildırım şığıyır, göy peydərpey guruldayır. İblis, Şamama cadu, yeddi nəfər əcinnə daxil olur. İblis. Ha, ha, ha!.. Ha, ha, ha!.. Yenə qulağıma qisas sədası gəlir. Hazıram cəmi qoşunumla cəmi kainatı təzəlzülə gətirən bir nütdədən əmələ gəlmiş bəni insanı neçə yüz firqəyə bölüb və onların arasında ila inqirazialəm cəngü-cidal salam. Qardaşı qardaş, atanı oğul, oğlu ata üzünə durquzam. Cəmi halalları haram, haramları halal edən öz fitnələrimlə qisas arzusunda olanlara kömək etməyə hazıram. Mən, oddan yaranmış bir vücud, yüz min il Allaha ibadət etdim. Axırda məni torpaqdan yaranmış bir insana səcdə etməyə məcbur etdilər, qəbul etmədim. Məni dərgahdan mərdud etdilər. Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Hirs, tamah, övrət gözəlliyi, dünya malı tək mənim əlimdə aləti-cazibə var ki, onların müqabilində dağlar, daşlar belə dayanmaz. (Pəri xanımı tutub çəkir səhnənin ortasına.) Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri cadudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Hər nə ki sənin xahişindir, fövrən əməl etməyə hazırdırlar. Bu qoca qarı Şamama cadunu da sənə qulluqçu verirəm. Dünyanı gəzib, harada mehriban ər-övrət var arasına dava salıb, kişilərinə qan uddurub, sənin yanına gətirsin, ta sən qisas alasan. O qədər kişilərdən qisas alacaqsan, ta bir nəfəri sevincə. Ondan sonra qan içmək qurtaracaq və ömrünün axırınadək istirahət edəcəksən. Bu şərtlə ki, qarını özündən incitməyəsən. Bu axırıncı şərti yadında saxla. Aparın, aparın bu insan qızının dağlar arasında təzə hazırlanmış mənzilə. Əcinnələr baş əyib, Pəri xanımı alırlar ortaya, başına dolanırlar. Pərixanım. Gedək, hazıram qisas almağa. Hamısı yox olur, İblisdən başqa İblis. Ha, ha, ha!.. Hazıram cəmi qisas arzunda olanlara qisasetməyə... Yerdən od çıxır, İblis qəhqəhə ilə odun içinə daxil olur. Pərdə * * * Əvvəlinci məclis Vaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır. Birinciəcinnə. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim. İkinciəcinnə (yaxın gəlir). De görüm. Birinciəcinnə. Biri var idi, biri yox idi, bir hörümçək var idi, bir divarda tor qurmuşdu. Gündə neçə milçək tutub yeyirdi. Bir gün bir milçəyə düçar oldu, milçək onu tutub yedi. O, yerə keçdi, sən də dörə keç. İkinciəcinnə. Elə bu? Birinciəcinnə. Elə bu. İkinciəcinnə. Quyruğunu it yesin, yaxşı nağıl dedin. Belə də nağıl olarmı? Birinciəcinnə. Əgər olmaz, bəs niyə biz burada növbəyə düzülüb, gündə ikimiz bəniinsan üçün odun yığırıq? İkinciəcinnə. Hə, İndi başa düşdüm, doğrudan da, deyirsən, sən çox ağıllı əcinnəsən. Odur ki, sənin quyruğun da, buynuzun da bizimkindən uzundur. Birinciəcinnə. Amma sənin qulağın çox uzundur. Zarafat dursun kənara, balam, biz nə günahın sahibiyik ki, bir belə zəhməti burada çəkirik? Budur, alnımdan tər axır. (Alnının tərini silir). İkinciəcinnə. Xanım buyurub. Birinciəcinnə. Mən də bilirəm xanım buyurub. Xanım niyə buyurub? İkinciəcinnə. İmdi demədinmi ki, milçək gəldi hörümçəyi yedi? Birinciəcinnə. Odur ha. İndi görürəm başa düşübsən. Neçə belə adamları tora salıb tələf eləyib, amma bunu, nə isə, gözü tutubdur.İndiyədək bura əcinnə göndərəndə heç bir söz demirdi, ancaq buyururdu: “Gedin filan yerə odun yığın, qoyun, qayıdın”. Amma bu dəfə bizi göndərəndə buyurdu: “Gedin filan yerə qurban üçün odun yığın, ona qurban olum”. İkinciəcinnə. Yəni “ona qurban oldum” sözünü eşitdin? Birinciəcinnə. Əzrayılın tacına and olsun, doğru deyirəm. Amma üzünü kənara tutub dedi. Belə dedi: “Ona qurban olum”. İkinciəcinnə. Bəli, onda gön suya verildi, qurtardı. Milçək hörümçəyi yedi. Amma, balam, dayanmaq vaxtı deyil. Tez ol, odunu bağlayaq, gedək. Xanımın gəlmək vaxtı yaxınlaşır. Birinciəcinnə. Bu saat! Hər ikisi köməkləşib odunu bağlayırlar. Pəri cadu daxil olur. Pəricadu. Odun yığdınız? Əcinnələr. Bəli, yığdıq. Pəricadu. Di mürəxxəssiniz, gedə bilərsiniz...Yox, yox, (birinci əcinnəyə) sən burada qal, işim var. (İkinci əcinnəyə) Sən get. İkinci əcinnə baş əyib gedir. Pəricadu. Bu dəqiqə gərək Şamama cadu qarı məğriblə məşriqin arasında, hansı yerdə olsa burada olsun, eşitdinmi? Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Get! Birinciəcinnə. Bəlkə ondan da tez gəldi. Sənin hökmün hər nə məzmunda olsa, bizim borcumuzdur itaət eləyək. Gedim. Pəricadu. Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən. Birinciəcinnə. Baş üstə, xanım. Pəricadu. Get. (Əcinnə gedir.) Yox, daha tab gətirə bilmədim. Gərək Qurbanı gətirdim. (Qurban və Niyaz gendən görünürlər.) Budu, gəlir. Ilahi, nə qəşəngdir! Ilahi, nə gözəldir! Bilmirəm bu daş tək ürəyimə nə olub? Hər gün deyəsən məni cəbrən gətirirlər buraya. Hər dəfə Qurbanın gözlərinə tamaşa etdikcə, az qalır ruhum bədənimdən çıxsın. Daş olmuş ürəyim, mürüvvətdən, insafdan uzaq ürəyim şam kimi əriyir. Ah, ay Qurban... Nə deyim, bircə səni bağrıma bassaydım, ondan sonra ölsəydim qəmim olmazdı. Qurbanla Niyaz, əllərində balta və kəndir daxil olurlar. Pəri cadu gizlənir bir ağacın dalında. Qurban. Budur, yenə bir şələ hazır odun tapdım. Lap məəttəl qalmalıdır! Niyaz. Kefinin gəlhagəlidir, a bəxtəvər. Qurban. Budu... Ayaqlarım düşdü, a kişi, belə gün olar? Belə dirilik olar? Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Nədinədi, mən zindəganlıq edirəm. Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. İndi nə olardı, mənim də bir yüz manat pulum olaydı, bir danə də gözəl arvadım. Qapımda nökərlər səf çəkib duraydılar, adım da olaydı Qurban bəy. Mən kimdən əskiyəm? Bu mənim qəddüqamətim (özünü çəkir.), bu mənim göz-qaşım. Vallah, mən dövlətli adamların heç birisindən əskik deyiləm. Amma nə çarə qılım ki, qəza məni eyləyib əfsürdə, adım da odunçu Qurban. Dünən görürəm Hacı Cəlal pul sayır, pulu sandığından koma-koma çıxarıb yığır qabağına. Özünü də yeddi qəpiklik çolpa kimi çəkir. Qınayan olmasa, deyər dünyanı da mən yaratmışam. Amma gəl bir sir-sifətinə bax. Gözləri kalmık gözlərinə oxşayır, burnu iki qarış, ağzını saqqal, bığ örtüb, elə bil heç yerindən yoxdur. Əgər onun pulu olmasa, vallah, onu heç kəs qapısında nökər də saxlamaz. Nə deyim, haqqın kərəminə şükür. Niyaz. İndi sən, Qurban, gözəlliyi, dövləti, bəyliyi xoşbəxtlik hesab edirsən? Yox, belə deyil. Axırı olmayan zada xoşbəxtlik deməzlər. O ki, gözəllikdi, axırı yoxdur. Dövlət deyəndə, milçək misalı bir şeydir. Bu adamın başından uçub, o adamın başına qonur, yenə axırı yoxdur. Pulsuz da yenə quru bəylik bir qara pula dəyməz. Kişinin dövləti qolunun qüvvətidir. O da ki səndə var. Əlavə, adamlar var dövləti həddindən aşıb, amma arvadı bir ifritədir ki, əlindən bezikib, az qalır zəhər yesin. Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Elə sən evə gələndə onun qalxıb sənin başının altına bir yastıq xoş sifətlə qoyması yüz min tümənə dəyər. Bir də, qardaş, hər adam xoşbəxtliyi bir cür başa düşür. Kasıb dövlətlənəndə özünə xoşbəxt deyir. Acın qarnı doyanda, deyir xoşbəxtəm. Dilənçinin əlinə bu gün dünənkindən bir abbası artıq keçəndə, deyir xoşbəxtəm. Qız gözü tutan oğlana gedəndə, ya oğlan gözü tutan qızı alanda özlərinə xoşbəxt deyirlər. Sən də ki, odunçusan, hər gün gəlib burada bir şələ odun tapırsan, deyirsən bəxtim gəlib. Qurban (özünü yıxır odunun üstünə). Ah, ah!.. Bunlar hamısı keçəndən sonra, Allahın altında bir gözəl arvadım olaydı... Səlimə yaxşı arvaddır. Amma nə fayda, ağzı, burnu bir az o söz... Eh, mənim kimi çulu cırığın elə arvadı gərək olsun. Allah Hacı Cəlalın pulunu verəydi mənə, görərdin lələşin nə lələşdir. (Papağını əyir, oxuyur): Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Pəricadu (kənarda oxuyur): Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Qurban (ətrafa baxır). Bir gözəl səs gəldi qulağıma. Deyəsən mən oxuduğum sözləri oxuyur. Eşitdinmi? Niyaz. Mən heç zad eşitmədim. Balam, özünü gözlə birdən dəlizad olarsan. Pəricadu (kənarda oxuyur): Saxlardı əvəz, billah, öz Yusifinə Yəqub, Kənanda gər olsaydın ey şux-dilara sən, ey şux-dilara sən. Qurban. N i y a z, mən ölüm, bircə qulaq ver... Oxay, az qalır adamın canını alsın. Qoy görüm o kİmdir. Belə insan səsi olmaz. (Yüyürür dala.) Niyaz. A kişi, sarsaq olma, gəl odununu şələlə dalına, itil cəhənnəmə. Oxuyub eləyən nə qayırır. Qurban (qayıdır.) Doğrusun de, mən ölüm, eşitmədinmi? Niyaz. Vallah, heç zad eşitmədim. Görəsən nə işdi, ya ağlın çaşıb, ya günün günorta çağı vaqiə görürsən. Əgər bir zad olsaydı, mənim qulağım darı dəlir, mən səndən tez eşidərdim. Qurban. Nə deyim? Bəlkə, sən demiş, mənim ağlım çaşıb. Amma vallahı bir elə səs gəldi qulağıma ki, anadan olandan elə gözəl səs eşitməmişdim. Yəqin, hər nə isə də, insan səsi deyil. Niyaz. Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstahlar çıxacaq... Mən də adlayım meşənin qalın yerindən bir az odun eləyim gəlim. Mən də sənin kimi xoşbəxt deyiləm, gəlib hazır üstünə çıxam. Sənin bacandan quyruq yağır. Qurban (odunu bağlayır). Di gəl şələyə yapış, qoy dalıma. Niyaz şələyə yapışıb, qoyur Qurbanın dalına. Qurban. Ya Allah. Niyaz. Di get, Allah bazar versin. Qurban (gedə-gedə). Biazar olasan, Allah atana rəhmət eləsin. Niyaz, axşam bizə gəl, səni bir yaxşı kələm dolmasına qonaq eləyim. Niyaz. Yaxşı, gələrəm. (Qurban gedir, Niyaz onun dalınca baxır). Ay heç zaddan gözü doymayan insan. Dünyanı yeyib “doymadım” deyə-deyə ölən insan. Ah... biz də baltamızı götürüb adlayaq meşəyə, görək bəxtimizə nə çıxır. (Gedir.) Şamamacadu (daxil olur). Ay xanım, nə vacib olmuşdu ki, məni bu tezliklə istədin? Başım bərk qarışmışdı. Qaranquş gəldi, xəbər gətirdi. Amma mən hərçənd ala qarğaya döndüm, amma ondan cəld uçub gəlmişəm. Pəricadu. Başın nəyə qarışmışdı? Şamamacadu. Sənin üçün şikar tapmışdım. Yaxşı iş başlamışdım, qaranquş gəldi qoymadı. Pəricadu. Şamama qarı, bu gündən mən adam öldürməyi qoydum yerə. Bircə şikar mənə lazımdır. Gərək onu mənə gətirəsən. Ondan sonra hər nə xahiş etsən hazıram. Şamamacadu. Xanım, yoxsa Iblis buyuran kimi ürəyin bir adama yapışıb? Pəricadu. Bəli, ürəyimə bir ox dəyib o tərəfindən çıxıb. Mənə əlac. Şamamacadu. Bilirəm, Qurbanı deyirsən. Pəricadu. Bəli, özüdür. Bilmirəm necə eləyim? Ciyərim parçalanıbdır. Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şey imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi donur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su olur, gah qan... Şamama, mən daha məhəbbət oduna davam elə bilmirəm, Qurbanı gətirmək fikrinə düşmüşəm. Gərək onu, hər tövr olsa, tezliklə mənə yetirəsən. Şamamacadu. Belə mənim bu tay gözüm üstə. Bu gündən düşərəm onun dalına. Az zaman keçər ki, qulluğunda hazır olar. Bu saat yenə ala qarğa olub, yola düşərəm. Amma Qurbanı gətirəndən sonra gərək mənə də izn verəsən, gedim bir belə gözəl oğlan da özümə gətirim. Pəricadu. Ay qarı, gözəl sənin əyri belinəmi yaraşır? Ağ birçəyinəmi yaraşır? Şamamacadu. Niyə, xanım, ağ at arpa yeməz? Pəricadu. Baş üstə, asandır, get. Amma bax, Şamama, sair adamlara ağlın getməsin. Bu Qurban dır, gərək onu əziyyətsiz gətirəsən. Qan eləməyəsən. Şamamacadu. Mən öz işimi bilirəm, gedim. (Gedir.) Pəricadu (tək). Şamama getdi, İndi gələrsən Qurban mənim yanıma, görərsən mən sənə nə pəri olaram. Cəmi dünyanın qeydini yadından çıxardarsan. Belə bu zəif canımı sənin ayağının altında nisar edəcəyəm. (Oxuyur.) Can nəqdin əgər etsən, ey şux, təmənna sən, Bir guşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Pərdə * * * İkinci məclis Vaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə xanımın qabağında. Hafizəxanım. R ə h i m kişi, hesabın hamısını gətiribsənmi? Rəhim (əlini cibinə salır). Bəli, sifariş eləmişdin ki, hər nə mədaxil olsa satım, pulunu gətirim. Mən də satdım. (Pulu çıxarır.) Hafizəxanım. Bura ver görüm, nə gətiribsən? Rəhim (pulu verir). Buyur, xanım, cəmi bu olubdur. Hafizəxanım (pulu alıb sayıb, tullayır). Bu nə puldur?! Utanmırsan, altı yüz əlli manat, saqqalını yırğalaya-yırğalaya götürüb oradan bura gəlibsən? Məgər mənim mədaxilim budur? Sən də ağsaqqal çağında kələk öyrənirsən? Rəhim. Xanım, Qurban olum, vallah, məzənnədən də də çuvalını bir abbası artığa satmışam. Özünə məlumdur ki, il pis gəldi, məhsulumuz əməlli olmadı. Hafizəxanım. Qınayan olmasa deyərsən ki, hər şey kökündən quruyub. Bildir də il pis gəlməmişdimi? Niyə min yüz manat oldu? Bu il altı yüz əlli manat çıxdı? Rəhim. Ay xanım, vallah, taxılımızı bu il çəyirtkə kökündən yedi. Elə az-çox darı olmuşdu ki, onu da satıb gətirmişəm. Hafizəxanım. Yalan demə, mən hamısını bilirəm. Çəyirtkə qonşu kəndlərindəkini yeyib. Sarıbəyliyin də bir azca böyründən dalayıb, daha sən deyən kimi kökündən aparmayıb. Rəhim. Başına dönüm, deyilən sözlərə niyə inanırsan? Beş-on gündən sonra özün Sarıbəyliyə buyurmayacaqsanmı? And olsun bəyin əziz goruna, çəyirtkə buğdadan bir sünbül də qoymayıb. Hafizəxanım. Daha yaxşı, az danış, kəndi basıb yediyin bəs deyil, bir and da iç. Çəkil gözümün qabağından, qoca kaftar! Rəhim. Başına dönüm, mənim saqqalım bu qapıda ağarıb. Mən neçə il bəyin atasına, sonra özünə qulluq eləmişəm. Budur, iyirmi bir ildir mən darğayam. Heç İndiyə kimi bir buğdaya xəyanət eləməmişəm. Sən məni niyə bədbəxt eləyirsən! Bəy mənə hər il bir dəst paltar alardı. Mən onu da istəmirəm. Ancaq ömrümün axır çağında sən mənə eşitmədiyim sözlər demə. Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Həmişə gələndə qulluğunda oturdardı məni. Hafizəxanım. Daha az söylə, baş-beynimi aparma. Bəyin atasından mülk qalmamışdı. Az-çoxuna da baxmırdı. Elə bilirdi səndən doğru-dürüst adam yoxdur. Amma mənim arvadlığıma baxma. Mənim gözüm çox kişilərin gözündən açıqdır. Məni belə qarğa dili ilə tovlaya bilməzsən. Bəyin atası mənim atamın mülkünün bəyi deyildimi? Rəhim. Xanım, vallah, mən sənə heç pis qulluq eləməmişəm. Axır məni bu ağsaqqal vaxtımda qapıdan niyə qovursan? Hafizəxanım. Di yaxşı, çıx çölə. Mən uşaq deyiləm. Sən məni ələ salırsan. Nə durubsan? İtil buradan, qoca köpək! Rəhim. Xanım. Hafizəxanım. Çor xanım, zəhrimar xanım, itil çölə. (Rəhim gedir.) Sən bir qoca tülküyə bax. Bəyin sağlığında əlindən gələni eləyib, İndi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Elə bilirsən səndən bununla əl çəkəcəyəm? Qoy bir kəndə gəlim, vallah, yediyini burnunun iki deşiyindən tökəcəyəm. Hə, bəs dadanmışdın dolmaya? Səni qudurdan ölüb getdi. Amma mənə Hafizə deyərlər. Mənim bir sapım itsə, aləmi kor qoyaram. (Pulu yığışdırır.) Gətirdiyi pula bax. Görək, ay qoca qurd! Gələrəm kəndə sənin canın üçün. (İstəyir getsin.) Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi!.. Hafizəxanım. Bu kİmdir yenə? (Gedir qapıya.) Nə deyirsən, ay qarı? Şamamacadu. Q u r b a n ın olum, ay xanım. Allah heç kəsi zəlil eləməsin, uşaqlar, tökülüb dalımca, məni daşlaya-daşlaya gətirib buraya salıblar. Başına dönüm, yorulmuşam, acam, bircə əl böyüklüyü mənə çörək ver, yeyim. Hafizəxanım. Haralısan, nəçisən? Şamamacadu. Ay gözəl xanım, ay kişmiş xanım, ay maral xanım! Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Bircə tikə çörəkdən, qənddən, çaydan ver. Belə bu qoca canım sənə Qurban olsun. Hafizəxanım (öz-özünə). Danışığından qaraçıya oxşayır. (Qarıya) Ay nənə, fala baxmaq bilirsənmi? Şamamacadu. Niyə bilmirəm, başına dönüm, nazlı xanım, mələk xanım, ballı xanım, bilirəm, yaxşı bilirəm. Hafizəxanım. Di gəl içəri görüm. Şamamacadu (daxil olur, oturur yerə). Ay, öldüm, sümüklərim sınır. Başına dönüm, ay xanım, ürəyim yanır, Allah sənin ürəyini yandırmasın. Deginən bircə içim su versinlər. Hafizəxanım. Su odur yanında, götür iç. (Kənara) Hələ bizə buyruq da verəcək, elə bu qalmışdı. Şamama cadu suyu ağzına alıb Hafizənin üstünə üfürür. Hafizəxanım. Di falıma bax görüm. Şamamacadu. Ölümüm qabağında olsun. Əlini mənə ver görüm. (Hafizə xanım əlini verir.) Adın nədir, başına dönüm? Hafizəxanım. Mənim adım Hafizə xanımdır. Şamamacadu. Bəli, eşitdim, gözəl xanım, gözəl addır. Adına Qurban olum, xanım! Başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. On bir aydır sənin ərin ölüb. Hafizəxanım (kənara). Bunu haradan bildi? Şamamacadu. Yazıq, ikicə il arvadlıq eləyibsən. Dünyadan kam almayıbsan. Bəxtində də bir gözəl oğlan var, sevəcəksən, gedəcəksən. Hafizəxanım. Bunu yalan dedin. Mən daha ərə getmərəm. Şamamacadu. Niyə getmirsən, gözəl xanım? Ərin çirkin imiş, dünyanın ləzzətini görməyibsən. Bir gözəl-göyçək oğlana get. O sənin nazınla oynasın, sən də onun... Gəlsənə, xanım, bir gözəl oğlan var, səni ərə verim? Hafizəxanım. Bəydirmi? Şamamacadu. Yox, bəy deyil, gözlərinə Qurban olum, bəy deyil. Hafizəxanım. Bəy deyilsə, istəmirəm. Şamamacadu. Gözəl xanım, neyləyirsən bəyi, bəy olacaq sənin yoldaşın, nə desən bir sözünə iki cavab verəcək. Mülkünü aparıb qumara uduzub, çaxıra verəcək, özünə aşna tutacaq. Amma sən eləsinə get ki, həm sənə ər olsun, həm qabağında əlində əli bağlı durub nökərçilik eləsin, həm darğan olsun mülkünü dolandırsın, bir qəpiyin də arada itməsin. Hafizəxanım. Sənin ürəyindəki kİmdir? Şamamacadu. Mənim ürəyimdəki bir elə oğlandır ki, hər tükünü bir oğlana dəyişməzsən. Amma bir az kasıbdır. Hafizəxanım. Adını de görüm mən tanıyırammı? Şamamacadu. Bu saat deyim, gözəl xanım, yanıram, qoy bir az su içim. (Suyu ağzına alıb Hafizənin üstünə üfürür). Acığın tutsa da adını deyim. Adı Qurbandır. Hafizəxanım. Bəli, odunçu Qurban! Şamamacadu (kənara). Ağzının suyu axır, mən imanım, heç o yanbu yan eləmə. Niyə, Qurbanın olum, Qurban necədir? Kişmiş xanım, səbzə xanım, elə paltarı yaxşı deyil deyibən xoşuna gəlmir? Belə götür paltar geydir. Bir neçə gün qapında nökər kimi saxla, sonra get. Dövlətli xanımsan, heç kəs sənə bir söz deməz. Hafizəxanım. Yaxşı, bəs Qurban evin-eşiyin tullayıb gəlib məni alarmı? Şamamacadu. Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. İçinə donuz girsə başını bulaya-bulaya çıxar. Özünün də arvadı bir çirkin şeydir. Elə gecə-gündüz gözəl arvadarzulayır. Səni görəndə ağlını itirəcək. Hafizəxanım. Bəs onun onda arvadı necə olsun? Şamamacadu. Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. İndi bilirəm, Qurban eşidəndə sevinəcək. Hafizəxanım. Yəni sən bu işi düzəldə biləcəksən? Şamamacadu. Ay xanım, belə işlər mənim əlimdə su kimi bir şeydir. İndi, ay ceyran xanım, düzəltsəm mənə nə verəcəksən? Hafizəxanım. Çox böyük iş görürsən, məni odunçuya verirsən, sənə bir xələt də verim?! Şamamacadu. Sən vermirsən, mən də istəmirəm, nə deyirəm. Amma gedəndən sonra bilməyəcəksən ki, nə tövr məni razı edəsən. Di başına dönüm, bircə yumru mənə qənd ver. Hafizəxanım (qalxır). Otur burada, gətirim. (Gedir.) Şamamacadu. Oturmuşam, gözəl xanım, oturmuşam. (Tək). İndi, Şamama cadu, iş vaxtıdır, fürsəti əldən qoyma, məramına çatarsan, Qurban da Pəriyə yetirərsən. Pəri mənə deyir ki, gərək Qurban əziyyət çəkməyə, gərək bu yolda qan tökülməyə. Amma heç əlac yoxdur. Qurbanı dövlətdən savayı bir zadla yoldan çıxartmaq olmaz. Hafizəxanım (əlində qənd, daxil olur). Ala qarı nənə, apar. Heç, axır, sənin adını soruşmadım, adın nədir? Şamamacadu. Adımı neyləyirsən, gözəl xanım? Adım adına Qurban, işimi soruş. Hafizəxanım. Yenə bir de bilim. Şamamacadu. Adım, başına dönüm, Zərnigardır. (Qalxır getməyə.) Gedim, Qurban ın olum, səni görüm xoşbəxt olasan. Hafizəxanım. Bəs sən Qurbanı nə vaxt görəcəksən? Şamamacadu. Əlacım yoxdur, sənə Qurban, gərək ölsəm də sürünə-sürünə elə İndi gedim Qurbanın yanına. Hər tövr olsa Qurban bu gün qulluğunda olar. Hafizəxanım. Elə bu gün? Şamamacadu. Elə bu gün, sənə gözlərim Qurban, elə bu gün... Daha gedirəm, mürəxxəs olum. (Gedir.) Hafizəxanım (tək). Qarı deyəsən bir iş görəcək. Gedim bir dəst bəyin paltarından çıxardım verim, Qurban gələn kimi versinlər geysin, olsun bir dəstə gül. (Gedib paltarı gətirib, nökəri çağırır.) Əmrah! Ay Əmrah! Əmrah (daxil olur). Nə buyurursan, xanım? Hafizəxanım. A gədə, sənə neçə dəfə demişəm ki, mənə xanım demə, ağa de. Əmrah. Qələt elədim, ağa. Hafizəxanım (paltarı verir). Tut bu paltarları saxla, çirkləndirməyəsən. Bu gün odunçu Qurban buraya gələcək, verərsən ona geyər. Ondan sonra gətirərsən mənim yanıma, eşitdinmi? Əmrah. Bəli ağa, eşitdim. (Öz-özünə). Bəyin paltarını odunçuya geydirir. Bu bir kələkdən uzaq deyil. Hafizəxanım. Nə mırtlayırsan, a gədə? Əmrah. Heç, ağa, bir söz demədim. Hafizəxanım. Di itil, get, paltarı yaxşı yerə qoy, xarab olmasın. Əmrah. Baş üstə, boğçaya bağlaram. Hafizəxanım. Hə, di get, yaxşı. (Əmrah gedir). Mən də gedim bir az bəzəkdən-zaddan vurum. Hərçənd bu qaşa, bu gözə nə bəzək lazımdır, nə düzək, amma yenə qoy Qurbanın ağlı başından çıxsın. (Gedə-gedə oynayır.) Bayramındır, Hafizə! Bayramın... bayramın... Pərdə * * * Üçüncü məclis Vaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub,qabağındakı beşiyi yürüyür. Səlimə. Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində Şirin yuxu tapasan. Laylay, balam, laylay, Laylay, quzum, laylay, Laylay, körpəm, laylay. Allah, bu kişi görəsən niyə belə gec gəldi? Heç İndiyədək belə ləngidiyi yox idi. Əlbət odunu satılmır, nədi? Yazıq, kəsdirib bazarı ac-susuz. Barı heç olmasaydı gəlib çörək yeyib, yenə gedəydi. Allah, sən ona görünməz yerdən bir qapı aç. Yazığın əli-ayağı qabar olub. Odun daşımaqdan beli yağır olub. Allah pul yetirəydi, bir ikicə eşşək alaydı, bəlkə bir az yükü yüngülləşəydi. (Ah çəkib, qalxa-qalxa) Qoy bir durum görüm gəlirmi? (Qapını açıb baxmaq istəyir.) Allah, sənə şükür, budur gəldi. A kişi, niyə belə ləngidin? Bir azca şorba bişirmişəm, soyuya-soyuya qalıb... Qurban (daxil olur, əlində dəsmala bağlı ət). Əh, Allah kəssin belə günü. Axşamadək erməni eşşəyi kimi işləyirsən, elə acsan, ac. (Əyləşir.) Səlimə (mütəkkə gətirir). A kişi, sən Allah, quru yerə yıxılma. Qoy mütəkkəni qoyum başının altına. Qurban (başını qalxızır). Rəhmətliyin qızı, öldüyüm yerdə heç bilmirəm sən məndən nə istəyirsən. Di mütəkkədir, nədir, qoy əl çək. Bir az zəhrimardan zaddan da nə bişiribsən, gətir yeyim. Səlimə. A kişi, sən Allah, elə demə, bircə ayaqlarını da bura uzat, çarıqlarını çıxarım, ayaqların bir az sərinləsin. Qurban (ayağını uzadır). Bu da ayaqlarım, daha nə kələyin var, işlət. Səlimə (Qurbanın çarığını çıxarır). Ay Qurban, gəlsənəmi bir az su gətirim, ayaqlarını yuyam. Qurban. İstəməz, lazım deyil. Səlimə. Özün bil, nə deyirəm... Ay Qurban ayaqların nə pis qabar olub? Başına dönüm, gəl bir neçə gün oduna getmə, bəlkə ayağının qabarı sağala. Qurban. Oduna getməyim, bəs zəhrimar yeyəsən? Dur, şorba deyirdin, gətir görüm heç yeyə biləcəyəmmi. (Səlimə gedir.) Səlimə yaxşı arvaddı, iş görəndir, xasiyyəti də pis deyil. Amma nə çarə qılım, ürəyimə yapışmır. Nə qədər xasiyyəti yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Üzünə baxanda adamın ürəyi ağzına gəlir. Barı bu kasıblığıma görə arvadım göyçək olaydı. Yenə dərd yarı idi. (Səlimə şorbanı gətirir.) Buraya gətir görüm, soyumayıbdır ki? Səlimə (Qurbanın qabağına qoyur). Yox, soyumayıb. Mən elə bilirdim İndi buza dönüb, amma isti imiş. Bircə dad. (Qurban yeyir.) Yaxşıdırmı? Qurban (yeyə-yeyə). Çox yaxşıdır. Ölənlərinin ehsanı olsun. Heç belə şorba olmaz. O dəsmalda da bir az ət var, onu axşama dolma bişir. Niyazı qonaq çağırmışam. Səlimə (durur əti götürür). Yaxşı, niyə bişirmirəm, Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Çox yaxşı bişirərəm. Dünən aldığın kələmin də yarısı durur. Küpənin dibində də bir az gərək turşu olsun. Qurban (daha yemir). Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Sabah tezdən qızdırarsan, yeyib gedərəm oduna. (Səlimə qabı götürüb çıxır.) A kişi, insan qəribə axmaq olarmış. İndi mənə bir deyən gərək, ay sarsaq, bu ac vaxtında sən nə edirdin arvadı? Mənim kimisi ya gərək evlənməsin, ya duldan-muldan birisini tapsın ki, bir parça çörəyi olsun. İndi bu günə dəyərmi? Səhər qazandığın axşama qalmır. Qara günlüyünə də bir şey artırıb geri qoya bilmirsən. Ancaq sənə qalan yüyürüb yortmaqla hamballıqdır. İndi nə qədər belimdə qüvvət, dizimdə güc var, odun daşıyıram. Bəlkə bu gün-sabah qocaldım, onda mənə kim çörək verəcək? Eh, dərdim o qədərdir ki, deməklə qurtarası deyil. (Uzanır.) Səlimə (daxil olur.) Ay Qurban, yuxun gəlirsə, üstünə yorğan gətirim salım, bir az yat. Qurban. Hə, yaxşı, gətir sal, yuxum gəlir. Səlimə (yorğanı salır üstünə). Di yat, başına dönüm. Qurban. Di o uşağı da götür oradan. Oyanar, zingildər, başımı aparar. Səlimə. Yaxşı, götürüm. (Beşiyi götürüb gedir.) Qurban. Qol-qıçım o qədər ağrıyır ki, deyəsən heç yata bilməyəcəyəm. (Yorğanı çəkir başına; sükut.) Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi. Yazığam, fağıram, bircə tikə çörək verin yeyim, acından ölürəm. Qurban (qalxır). Məgər qoyarlar bir az dincimi alım. Şamama cadu. Ay ev yiyəsi... Qurban (durur, qapıda). Nə deyirsən, ay nənə? Şamamacadu. Nənə gözlərinə Qurban, ay oğul. Acmışam, bircə tikə mənə çörək ver yeyim. Belə sənin ömrün uzun olsun. Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın. Qurban. Ay nənə, vallah, mənim özüm də sənin kimi yoxsulam. (Pul verir.) Ala, ikicə qəpiyim var, verim apar. Şamamacadu. Allah bərəkətini artıq eləsin. Qurbanın olum yorulmuşam, qoy bircə tikə gəlim evində dincəlim. Allah evini-eşiyini abad eləsin. Qurban. Nə deyirəm, gəlirsən gəl. Şamamacadu (girir içəri, oturur). Ay, ay...Vay, bədənim heydən düşüb. Nə yaman zad imiş bu qocalıq. Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Qadan alım, bu ev sənindir? Qurban. Hə, mənİmdir, neyləyirsən? Şamamacadu. Heç, elə soruşuram. Allah abad eləsin. Bəs sən nə karın yiyəsisən? Qurban. Nə karın yiyəsi olacağam? Elə mən də sənin kimi, sən də mənim kimi. Odunçuyam. Gedib gündə meşədən odun yığıb dalımda gətirib bazarda satıram, onunla bir tövr güzəran eləyirəm. Şamamacadu. Heç gör Allaha rəvadır belə gözəl, qəşəng oğlan, özü göyçək, gözü göyçək gedib meşədən dalında odun daşıya?! Vallah, səni mən heç bəy oğluna, heç xan oğluna dəyişmərəm. Qurban. Nə qayırım, ay qarı nənə? Əlbət Allahın məsləhəti belədir. Dədəm öldü, mən də qaldım on altı, on yeddi yaşında. Bir az ondan-bundan dədəmin pulu var idi, mənim yiyəm olmadı, o pullar da batdı. Dədəm məni məktəbə qoymuşdu, yaxşı da oxuyurdum. Ta sonra, elə ki, dədəm öldü, mən də tək uşaq, oxuya bilmədim. Çıxdım, qaldım ac-susuz. Nökərçiliyə getmək arıma gəldi. Axırda əlacım kəsildi, başladım odunçuluğa. Bir az da pul qayırmışdım. Qonşular yığıldılar ki, bəs sən atanın yurdunu boş qoyma. Götürdülər məni evləndirdilər. Olan-qalan pul da, bir otuz manat olardı, toya xərc olundu getdi. İndi də ha çalışıram, işim dönüb eşşək quyruğuna, nə uzanır, nə gödəlir. Şamamacadu. İndi, qadan alım, evlisən? Qurban. Bəli, demək olar ki, evliyəm. Şamamacadu. Barı arvadın da sənin kimi gözəldirmi? Qurban. Eh, ay qarı nənə, gözəl olsaydı dərdim yenə az olardı, haradan oldu gözəl. Xalq dəli olmuşdu ki, mənə gözəl qız verəydi? Gözəl qızın gözəl də yeri olar. Şamamacadu. Əgər sözün doğru isə, heyf. Sənin kimi oğlanın lazımdır ki, bir mələykə sifətdə arvadı olsun. Qurban. Çarə nədir, ay qarı nənə? Qismətdən artıq yemək olmaz. Mənim də bəxtimə beləsi çıxıb. Şamamacadu (fikirli, yer eşir). Qadan alım, bayaq dedin ki, dədəm məni məktəbdə oxudub. İndi heç az-maz yazıdan-pozudan başın çıxırmı? Qurban. Niyə, qarı nənə, az-çox bilirəm. Farsidə bir bekara savadım var. Amma bu əyyamda, belə şeylərin bahasına qiymət verən yoxdur. Şamamacadu. Başına dönüm, bəs onda sən niyə böyük bəylərin birisinə qulluq eləmirsən? Yenə heç olmasa səni darğadan-zaddan edərlər. Əlinin də qələmi dahı sənə xeyir verər. Qurban. Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. İndi də mənim əlimdən odunçuluqdan başqa bir iş gəlməz. Şamamacadu. İndi ki əlindən odunçuluqdan bir ayrı iş gəlməz, nə eləyək, çox gözəl, heç bu da pis deyil. Bir dövlətli adama nökər ol. Eşşəkdən, qatırdan alsın versin işlət. Ayda da sənə məvacib versin. Qurban. Qarı nənə, vallah, əlacım kəsilib, nökərçiliyə də gedərəm, hərçənd adama bir az ar gəlir... Mənim dədəm, mənim babam heç kəsə gedib baş əyməyibdir. Həmişə öz əllərinin zəhmətini yeyiblər. İndi mən gedim kimə ağız açım? Şamamacadu. Mən sənə bir yaxşı adam taparam ki, sənə pul verər, paltar da verər, çörək də. Amma ikicə qatırı var, onları işlət. Qurban. Yaxşı, tap, elə bu saat gedərəm. Kİmdir o adam? Şamamacadu. O adam Hafizə xanımdır. Qatırçısı qaçıb, bu saat bərk adam axtarır. Qurban. Ay qarı nənə, sən Hafizə xanımı haradan tanıyırsan? Şamamacadu. Niyə tanımıram, başına dönüm? Dilənçi babayam, tez-tez gedirəm, çörəkdən-zaddan verirlər. Elə İndi oradan gəlirəm. Qapıdaca durmuşdum, gördüm səsi gəlir, deyir: “ Ay balam, bu qatırçı da qaçdı, heç bilmirəm necə eləyim?”. Elə gəl sən get onun yanına. Qurban. Qarı nənə, adını da bilmirəm. Şamamacadu. Zərnigar. Qurban. Zərnigar nənə, mən də Hafizə xanımı tanıyıram, irəlilər ona çox odun daşımışam. Sonra əri getdi iki qatır aldı, daha mənim ayağım kəsildi. Amma onu çox əzrayıl arvad söyləyirlər. Şamamacadu. Yox, yox, Qurbanın olum, nökər sözüdür, inanma. Hafizəxanım deyəndə, bir quzu kimi adamdır. Amma dələduz nökərlə arası yoxdur. Bu əyyamın nökərləri də elədirlər, ki, Allah göstərməsin, iki qəpikdən bacarsalar bir abbası oğurlarlar. Qurban (gülə-gülə). Zərnigar nənə? Şamamacadu. Nədir? Nənən sənə Qurban olsun. Qurban (gülə-gülə). Gələsən bir tövr Hafizə xanımı mənə alasan, bəlkə mən də Qurban bəy olam. Şamamacadu. Tahı niyə gülürsən? Elə bilirsən ona yaraşmırsan? Qurban (gülür). Elə yaraşaram ki. Deyirəm, qarı nənə, gəl sən bir elə iş elə. Bəlkə sənin dövlətindən kasıblığın daşını tullayam. Şamamacadu. Yəni doğru sözündür, yoxsa məni ələ salırsan? Qurban. Çox da oldu doğru. Bu sözün bahasına kim bir qara pul verər? Şamamacadu. Sən and iç ki, doğru sözündür, düzəltmək mənim boynumda. Qurban (ucadan gülür). Ha-ha-ha, nənə, sən də məzəli adamsan ey. Dövlətli adam da deyiləm ki, elə bilim məndən pul çəkmək istəyirsən. Sən ki belə şeylərin ustadısan. Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Şamamacadu. Sən belə güman etmə ki, sən məni oynadırsan deyibən, mən səni ələ salıb oynadıram. Mənə Zərnigar deyərlər, belə dilənçiliyimlə mən istəsəm dağı-dağ üstə qoyaram. Sən mənə and iç ki, zarafat eləmirəm, gör, mən nə işlər törədirəm. Qurban. Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən? Şamamacadu. Başına dönüm, elə bilirsən mən sənə havayı söz deyirəm? Üstüörtülü sözdən fayda yoxdur. Qoy açım sənə düzünü deyim. Doğrusu budur ki, mən dilənçi-zad deyiləm. Qorxdum ki, birdən söz açam, məni söyüb qovasan. Açığı, məni Hafizə xanım özü sənin yanına göndərib. O səndən ötrü dəli-divanədir. İstəyir ki, sən onu alasan. Qurban. Ay qarı nənə, axır belə iş olmaz. Mən hara, Hafizə xanım hara? O deyəndə, bir dövlətli xanım, mən gədənin birisi. Belə zad olarmı? Şamamacadu. Başına dönüm, sən nəyi axtarırsan! Arvad tayfası bir şeydir ki, gözü tutub ürəyi yapışandan sonra nə bəylik axtarır, nə rəiyyətlik. Qurban. Qarı nənə, vallah, mən inanmıram. Sən deyəsən mənə sataşırsan. Şamamacadu. Mən sənə sözün açığını dedim. Hələ özümə tapşırıbdır ki, səni özümlə aparam. Dur, ayağını geyin, gedək. Qurban. Yaxşı, elə tutaq mən səninlə getdim. Hafizə xanım da mənə gəldi. Bəs mən bu külfəti neyləyim? Arvad çirkin isə də, hər nədir, bir dəfə keçib boğazıma. Əlində də bir uşağı var. Onları mən kimin ümidinə qoyum? Şamamacadu. Ay başına dönüm, gör nəyin fikrini çəkir. Elə bilirsən, odunçuluqda qalacaqsan? Belə bəy olacaqsan, cibin dolu olacaq pulla. Həmişə əlin pulla oynayacaq. Belə özün də kef çək, arvadına da nə qədər sənin kefİndir xərclik ver. Qurban. İndi deyirsən gedək? Şamamacadu. Deyirəm, bir də üstündən. Qurban (çarığını geyir). Nə deyirəm, gedək deyirsən, gedək. Amma sonra yalan çıxa, vay halına. (Kənara.) Əgər doğru olsa, qanıram, heç Səlimə də bir söz deməz. Inşallah, deyəsən Allah duamı eşidib, mənə çörək yolu açır. Xanım da bir gözəlin birisidir. Mən elə çoxdan arzu edirdim ki, Hafizə xanım kimi bir arvadım olaydı. Allah, İndi əlbəttə, mənə baxıb. (Şamamaya) Di Zərnigar nənə, bu da mənim çarığım, gedirsən, dur gedək, görək mənim başıma nə qəzavü qədər gətirəcəksən. Şamamacadu (qalxır). Gedək, gözlərinə Qurban olum, gedək. Amma gərək əvvəlinci xələti mənə verəsən. Qurban. Baş üstə... Can üstə... Di düş qabağa. Səlimə (məclisin dalından): Laylay dedim yatasan, Qızıl gülə batasan. Qızıl gülə batasan. Qurban dayanır. Şamamacadu. Daha niyə dayandın, vaxt keçir, gəl gedək, Hafizə xanımın acığı tutar. Qurban. Bu saat. (İstəyir getsin, yenə səs eşidir). Səlimə (eşikdən): Qızıl gülün içində Şirin yuxu tapasan, Laylay, balam, laylay, Qurban yenə fikrə gedir. Şamama cadu. Dahi niyə fikrə getdin? Əgər istəmirsən, İndi mən çıxım gedim işimə. Qurban (fikirdən sonra). Gedək, gedək. Çıxırlar. Pərdə * * * Dördüncü məclis Vaqe olur Hafizə xanımın evində. Əmrah və Sayad ev süpürürlər. Əmrah. Eh, nökərçilik də bir kişilik deyil, ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Vallah, hamballıq bunun yanında bir xanlıqdır. Gündüz get işlə, axşam da gəl bir yorğan qırağındanzaddan çək başına, xorhaxor nə qədər kefİndir yat. Bir adam da deyə bilməsin ki, ayağın yandı, geri çək. Sayad. Boyunu yerə soxum sənin, utanmırsan da adını kişi qoyubsan. Əmrah. Necə, kişi deyiləm? Sayad. Sənin kimi kişinin gündə beşini palçıqdan yoğuraram. Kişi olan da nökərçilik eləyər? Boş-boş danışınca, get özünə peşə tap. Əmrah. Neyləyim, ay qız, belə xanıma bəndəm, gedə bilmirəm, axır... Sayad. Ala, başına daş düşsün, itə bax qarpız yeyir. Əmr a h. Ay qız, vallah, yanıram, bu odunçunu da ki gətirib mindirib boynuma. Deyir, ona ağa deginən. Lap bağrım çatlayır. Sayad. Ağa da deyərsən, canın da çıxar. Əmrah. Axır bir sən fikir elə. Bu itin birinə gedincə mənəcə gəlsəydi, nə olardı? O bir odunçudur, amma mənim atam kənddə neçə il kəndxuda yanında çavuşluq eləyib. Sayad. Böyük nəsildənsən, bu nə sözdür?! Özün də elə yaraşıqlı oğlansan, şir kimi, qara torpağa layiq. Görünür bəxtin yoxdur ki, Hafizə xanımın gözü səni görməyib. Qurban (daxil olur). A gədə, evi süpürürsən, barı bu akuşkanı aç, toz aləmi götürüb başına. Nə vaxtacan heyvan olacaqsan? (Keçir o biri otağa.) Əmrah (yüyürüb akuşkaları açır). Ağa, bu saat açım. (Qurban gedəndən sonra) Ay can ağa, bir hökmünə bax, deyir akuşkanı aç, evi toz başına götürüb, guya özü bargahdan gəlib. Dünənəcən donquz təki zibillikdə eşələnirdi, altına həsir parçası salırdı. Arvad da bir ityatan yorğanı götürüb tullayırdı üstünə, birələrin də əlindən səhərə kimi qurcalanırdı. İndi qu tükü yasdıq, pambıq kimi döşək, şal yorğan. Hafizə xanım kimi arvad. Neyləsin, babası görmədiyi günləri görür. Mən də onun yerinə olsam, qudurub yolumdan çıxaram. Qurban (başını qapıdan çıxarıb). Əmrah! Əmrah. Bəli ağa... Qurban (pulu verir). Al bu pulu, bu saat yüyür bir paçka iyirmibeşlik papiros al. Əmrah. Ağa, bu saat gətirim. (Qurban gedir içəri.) Oho, çək özünü altışahılıq papiros, görürsən? Nə deyim, əlbət Həsən Dadanov moddan düşüb. Bir də kişi bəydir. Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gələ. Eh, gedim bəyin papirosunu alım. Sayad (onun başına qapaz vurur). Di öl, canın çıxsın! Get odunçu ağana papiros al. Hafizəxanım (məclisin dalından). Əmrah, ay Əmra h! Əmrah. İndi bu başladı. Çor Əmrah, dərd Əmrah! Əmra hın oğlu ölsün. Hafizəxanım (daxil olur). Ay heyvan, səninlə deyiləm? Çağırmaqdan boğazım yırtıldı. Əmrah. Eşitmədim. Hafizəxanım. Niyə, qulağın kardı? (Sayada) Ay qız, sən burada nə qayırırsan? Sayad. Evi süpürürdüm, xanım. Hafizəxanım. Çox qələt eləyirdin! Sənə min dəfə deməmişəm mənsiz bu otağa girməyəsən?! Sayad. Girəndə nə qayırıram? Hafizəxanım. Nə qayırıram? Canına dərd qayırırsan. O nə sürmədir gözünə çəkibsən? Itil buradan. (Sayad gedir, Əmraha.) Yaxına gəl, hara gedirsən? Əmrah. Ağam pul verib, gedirəm papiros almağa. Hafizəxanım. Ağan çox özü üçün eləyib. Buyurmuşdu səyahətə, papiros da alıb gətirəydi. Bir bəri gəl görüm. (Əmrah yaxına gəlir.) Səndən bir söz soruşacağam. Mənə doğrusunu de, yoxsa gönünü aldıraram. Əmrah. Ay xanım, niyə doğrusunu demirəm? Hafizəxanım. De görüm, bəy irəliki arvadına puldan-zaddan göndərir, yoxsa yox? Əmrah. Xanım, vallah, əgər doğrusunu istəyirsən ərz eləyim: iki həftə bundan irəli bir üçmanatlıq verib, aparıb vermişəm. Amma ondan bəri göndəribsə də mən bilmirəm. Hafizəxanım. Di get, hər nə alacaqsan al. (Əmrah gedir.) Görürsən? Mənə deyir üçlüyü cibimdən salıb itirmişəm. Bax, mənim belə dərdim var. Itin birini gətirib adam eləmişəm, o da mənə kələk qurur. (Qapıdan çağırır). Qurban, ay Qurban! Qurban (o biri otaqdan). Bəli! Hafizəxanım. Bir buraya gəl görüm. Qurban (daxil olur). Nə buyurursan? Hafizəxanım. Yenə hara getmişdin? Qurban. Heç, elə bazara çıxdım, bir az fırlandım qayıtdım. Hafizəxanım. Mən sənə neçə dəfə tapşırmışam ki, məndən biizn qapıdan çıxma çölə? Qurban. Axır, ürəyim darıxır, nə tövr eləyim? Hafizəxanım. Ürəyin darıxır, cəhənnəmə darıxsın. Doğrusunu de görüm, haraya getmişdin? Qurban. Vallah, bazara çıxıb qayıtmışam. Hafizəxanım. Gör necə ağ yalan danışır. Mənim gözümün içinə deyir. Mən sən deyən deyiləm. Bu saat sən Səlimənin yanından gəlirsən. Qurban. Vallah, heç Səlimənin üzünü də görməmişəm. Elə bazaar dəyib qayıtdım. Hafizəxanım. Sən gəl mənə yalan demə. Mənə hamısını xəbər gətiriblər. Bu da üç manatın söhbəti deyil ki, arvadına göndərib mənə deyəsən itirmişəm. And olsun əzizlərimin goruna, bundan sonra eşidəm ki, Səlimədir nədir, ona pul göndəribsən, ya məndən biizn evdən çıxıbsan, səni itdən pis elərəm. Ağzını haraya veribsən? Əynin başın bir az düzəlibdir, elə bilirsən bir şeysən? Mənim sənə yazığım gəlir, gətirib səni insan sifətinə salmamışam ki, kefin nə istəsə eləyəsən?! Vallah səni bir Qurban bəy qayıraram ki, biri də yanından çıxar. Heç yolundan, izindən azma! Qurban. Bəs necə eyləyim? O da yazıqdı. Əlində uşağı var, pul göndərməsəm acından ölər. Hafizəxanım. Ölər, daha yaxşı. Neyləyim ölər. Çox böyük iş olar. Guya Səlimə kimi itin biri öləndə dünyanın altı üstünə çevriləcək. Eşidirsənmi? Oturursan burada, məndən biizn ayağını çölə qoymazsan. (Durur getməyə.) Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Çörəyini belə adama yedirdincə, itə tullasan bundan min pay yaxşıdır. (Gedir.) Qurban. Bəli, yaxşı kökə saldıq özümüzü. Bu da dövlət. Allah kəssin o dövləti ki, adamın burnundan tökülə. Yediyim haram, içdiyim haram, gecəgündüz rahatlığım yox. Yaxşı özümü bəlaya saldım. Bundan sonra gedib təzədən dalımda odun daşıya bilmərəm. Canın çıxsın, Qurban. Otur bu qızıldan tikilmiş Dustaqxanada, öküz kimi səni qoşsunlar kotana, çəkə bildikcə çək. Əmrah. Ağa, buyur papiros, gör özündəndirmi? Qurban (alır). Bəli, özündəndir. Ay bihəya, heç utanmırsanmı, səninlə evə üç manat pul yolladım, onun nəyini gəlib xanımın ovcuna qoydun? Əmrah. Ay ağa, nə bilim, soruşdu, mən də qorxumdan dedim. Qorxdum bir yaman adamdır, məni döydürə. Yoldansəsgəlir. Ay bacı, qayıt geri, xanım buyurub, səni bəyin yanına qoymayaq. Qurban. Əmrah, gör o nə səsdir? Əmrah (qapıdan). A gədə, qoy gəlsin içəri. (Əmrah tez kənara.) Uf, gəl kefimin dörddən biri. İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam. Səlimə qucağında uşaq daxil olur. Qurban. Niyə gəldin? (Əmraha.) Sən bir çölə çıx. Səlimə. Qurban, axır mən sənin haqqında nə yamanlıq eləmişəm? Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. İndi bu nə gündür sən məni salıbsan? Ac, susuz qalmışam damın altında. (Ağlayır.) Barı mənə yazığın gəlmir, bu tifilə yazığın gəlsin. Bunun heç bir taqsırı yoxdur. Qurban, acından, vallah döşümün südü quruyub, bu yazıq gecələr sabahadək quzu kimi mələyir. Evin olan-olmaz şeylərini də dəyər-dəyməzinə satmışam. Gör nə məqama gəlmişəm ki, uşağın beşiyini qonşuya satmışam. İndi daha bir satmalı şeyim qalmayıb. Vallah, mən acından öləcəyəm. Qurban, mən məgər belə demişdim ki, belə oldu? Axır mən o Səliməyəm ki, sən bir yerə gedəndə ürəyim dalınca gedirdi, sən gəlincə gözlərimi yoluna dikirdim. İndi sənin insafına nə gəlib? Hafizəxanım (daxil olur). Bu nə səsdir? Bu haradan gəlib çıxdı? Əmrah! (Əmrah gəlir.) A gədə, sənə tapşırmamışam ki, bunu buralara qoyma? Tut qolundan, sürü sal çölə. Elə bu qalmışdı... Əmrah. Gəl... Gəl, çıx görək. Səlimə. Bax, Qurban, məni sənin yanından qovurlar. Gedirəm, gedirəm, ay xanım, sözüm yoxdur. Barı bu tifli burada saxlayın, mən dilənməklə başımı saxlaram. Hafizəxanım. Bəli, İndi də it-qurd küçüyü saxlayacağam. Götür, çıx çölə, çəngi. Əmrah Səliməni salır çölə. Qurban (pərişan halda). Ay balam, yazıqdır. Hər nədir, ürəyi sınıqdır. Niyə qovursan? Elə bil Allah rizasına, Allah yolunda verirsən, bir-iki manat verib yola salaydın. Hafizəxanım. Dur yüyür dalınca! Yazıqdır. Sən də çox yazıqsan. Vallah, bu saat abrını ətəyinə bükərəm. Gündə bir it gəlib mənim baş-beynimi aparacaq, mən də oturub qulaq asacağam. Xeyr, gərək, xanım buyur deyib, yuxarı başa keçirdəydim. Altına kürsü qoyaydım, öz əlimlə qulluğuna qəhvə gətirəydim. Əlimi də əlimin üstünə qoyub qabağında kəniz kimi duraydım. Onda xoşuna gələrdimi? Qurban. Yox, yenə insafdan uzaq iş gördün. Hafizəxanım. Hə, bəs insafdan uzaq işdir. Bəs mən sənin kimi itlə özümü baş-başa bağlamışam, bu insafdan deyilmi? Əmrah (daxil olur, iztirabla). Xanım, o arvad öldü! Qurban. Necə, öldü?! Əmrah. Vallah, İndi aşağıya endikdə əlində şüşədə bir şey var idi. Əvvəl uşağın boğazına tökdü, sonra da özü içdi, ikisi də öldü. Qurban (ağlaya-ağlaya istəyir qapıdan çıxsın). Sonra, sonra!.. Hafizəxanım. Qayıt... haraya yüyürürsən? Cəhənnəmə ölsün! Beş arşın ağdır, on beş manat pul, onun canı. Verərəm, elə bilərəm saldım itirdim. Ağlamağına bax! Kəs səsini! Qurban. Axır o yazığın taqsırı nə idi, onu qanına səbəb oldun? Hafizəxanım. Hələ danışacaqsan da. Sən də itil buradan, itin biri! Qurban. Məni sən iki cahanın avarası elədin, bundan sonra mən haraya gedəcəyəm? Hafizəxanım. Mən nə bilim? Hansı cəhənnəmə gedəcəksən get! Mən duz-çörək tökən adamı saxlamaram. A gədə, Əmrah! Tut bunun qolundan, sürü sal eşiyə! (Əmrah gəlir.) A gədə, eşitmirsən? Yapış qolundan çək çölə. Əmrah gəlmək istəyir. Qurban (qeyzlə). İtil cəhənnəmə, haramzadə! (Əmrah gedir). Hafizəxanım. Söyüş söyməyinə bax... Qurban (artıq qeyzlə). Yığdın mənim canımı boğazıma! Mən gedirəm, bu da sən! (Qəmə ilə Hafizə xanımı öldürür.) Hafizəxanım. Oy... (Yıxılıb ölür.) Qurban. Hər yerdən əlim üzüldü. Bundan sonra bu qəmə mənim yoldaşım; dağlar, daşlar mənim məskənim olacaq. Getdim... (Çıxır.) Pərdə * * * Beşinci məclis Vaqe olur Pəri cadunun məkanında. Müqabildə uca dağlar. Məclisin sol tərəfində Pəri cadunun evidir. Sağ tərəfi meşədir. Sol tərəfdə, kənarda çoban ağacına söykənib, tütək çalır. Pərdə qalxanda iki əcinnə üstdən hoppanma oynayırlar. Birinciəcinnə. Daha bəsdir. Yoruldum. Gəl bir az oturaq dincimizi alaq. İkinciəcinnə. Bu da odun yığmaq deyil ki, yorulasan. Birinciəcinnə. Ay balam, bu nədir, neçə gündür, axır heç xanım bizi oduna göndərmir. Bunun görəsən sirri nədir? İkinciəcinnə. Sirri hər nədirsə öz yanındadır. Amma, mən bilən Qurban odunçuluğu tərk edib. Neçə gündür heç xanımın kefi yoxdur. Elə dəqiqədə bir ah çəkir, bir ucdan deyir. “Ax, gəlmədi”. Birinciəcinnə. Budur, Şamama cadu gəlir. Görək ondan bir əhvalat bilmək olarmı? Şamamacadu (daxil olur). Bu saat ikiniz də yüyürün əcinnələrdən beş-onun götürün, dağılın meşəyə. Odunçu Qurban qaçıb gizlənməyə yer axtarır. Biriniz şir, biriniz pələng, biriniz əjda və iri heyvanat sifətinə düşüb kəsdirərsiniz ağacların diblərini. Qurban haradan qaçmaq istəsə, qabağını kəsib, salarsınız, yolun ayağına, birbaş götürüb gələrsiniz buraya. Di durmayın, haydı! Birinciəcinnə. Balam, Qurban gəlir, xanımın kefi kökələcək. Durmaq yeri deyil, gəl dalımca. Gedirlər. Təlxəkəcinnə (dağın başından). Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Şamamacadu. İndi də xanıma ər gətirirəm. Bir oğlandır ki, misli aləmdə tapılmaz. Təlxəkəcinnə. Qarı nənə, mən də gedimmi? Şamamacadu. Yox, sən burada qal. Bir neçə əcinnə dağlara dırmaşırlar. Təlxəkəcinnə. Bura bax, Şamama qarı, sən mənim canım, doğrusun de görüm, mən gözələm, yoxsa o gələn oğlan? Şamamacadu. Ala, kül başına, bu da özünü cərgəyə qoşur. Təlxəkəcinnə. Ay qarı nənə, nə olar, sən də mənə gələsən. Səndən ötrü ürəyim gedir. Sənin o bircə gözün mənim ciyərimi yandırır. Şamamacadu. A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Təlxəkəcinnə. Ay gözəl qarı, öldürmə məni, barı heç olmasa o şirin dodaqlarından mənə bir maç ver. (Qucaqlayır.) Şamamacadu. Püf... Ağzından gör nə pis sarımsaq iyi gəlir. Təlxəkəcinnə. Oxay! Canıma yayıldı.. (Dodağını marçıldadır, oxuyur): Dolaydan keçən qarı, Köndələn sevdim səni. Eşqin vurub çarığıma, Dik-dik dingildədir məni. Dik, dik... Şamamacadu. Ay bədzat, görək, İndi xanım çıxanda deyərəm, sənin başına oyun açar. Təlxəkəcinnə. Get, hər nə bilirsən elə. Mən xanıma deyəndə ki, sarımsaq yeyib, Şamama cadunun dodağından öpmüşəm, gülməkdən qəşş edəcəkdir. Şamamacadu (gedə-gedə). Görək, əlbət əlimə fürsət düşər. Təlxəkəcinnə (Şamamanı buynuzlayır). Bö, bö, bö, bö... Şamamacadu (ağacla vurur). Di get, haramzadə, bir də sən ol, mənə sataşma. Təlxəkəcinnə (əlini belinə qoyur, Şamamı yamsılayır). Ay belim sındı... Şamama cadu gedir. Qarı nənə gəldi canım, yoruldu qaldı canım, İynəsi itdi canım, sancağı qaldı canım. Qoy bir qayanın başına çıxım, görüm gəlib-gedən varmı? (Çıxır qayaya) Odur gəlir ha... Qah, qah, qah... Odur ha... Gör necə qabaqlarına qatıb qovurlar. Vay, atamın atası vay... Qah, qah, qah... Gör üzüqoylu nə dəydi yerə! Yox, qalxdı... Budur gəlir... Qurban (gəlir). Ay öldüm, ay çatladım... Bu nədir, Allahın qəzəbidi məni tutub. Bu nə yerdir mən gəldim çıxdım? (Çobanı görür.) Ay çoban, sən Allah bircə de görüm bura haradır ki, mən gəlib düşmüşəm? Çoban. Bura o yerdir ki, gələn qayıtmaz. Qurban. Necə gələn qayıtmaz? Çoban. Sənin kimi neçə oğlanlar gəlib buraya, hamısını bircəbircə öldürüblər. Məni ki görürsən, deyirsən bir sarsaq çobanın biridir. Amma yox, mən çox böyük adamın oğluyam. Burada bir qarı var, adına Şamama cadu deyirlər. Bu köpək haradan gəldi çıxdısa mənimlə arvadımın arasında qeylüqal saldı. Mən də hirsləndim, vurdum arvadımı öldürdüm, divan əlindən qoydum qaçdım meşəyə. Orada dörd ətrafımı yırtıcı heyvanat aldı. Qaça-qaça gəldim çıxdım buraya. Burada da nə tövr oldusa, mənə rəhm elədilər, öldürmədilər. Amma qoyunlara çoban elədilər. Üstümdə də gözətçi qoyublar, heç yana tərpənə bilmirəm. Qurban. Bəlkə mənim də elə evimi haman qarı yıxıb! O qarının adı Şamama cadu, yoxsa Zərnigardır? Çoban. Yox, Zərnigar deyil, Şamama cadudur. Bizə gələndə də deyirdi adım Zərnigardır. Amma yox, yalan deyirmiş. İndi haman qarı sənin, mənim kimi adamları yoldan çıxarıb qan elətdirir. Ondan sonra mənim kimi dartıb gətirir buraya. Burada da haman saat əcinnələr öldürüb, kabab eləyirlər. Hamısının da ciyərini qarı yeyir. Qurban. Ay çoban, axır mən də o qarının toruna düşmüşəm. Çoban. Gör qaçıb qurtara bilərsənmi? Yoxsa bura sənin qəbrİndir. Qurban (iztirabla). Mən haraya qaçım? Çoban. Budur, bu yan səhra, o yan meşə. Gör birindən qaçıb itə bilərsənmi? Yoxsa canından əl çək. Qurban. Əlimdə imkan var ikən başımı götürüm qaçım. Pənah Allaha, haraya çıxam. Qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Amma özüm gözümlə gördüyüm ölümə getməyim. Allah, səndən mədət. (İstəyir soldan qaçsın, od çaxır.) Allah, bu nə yaman yerdir, nə zülümdür mən düşmüşəm! (İstəyir sağ tərəfdən qaçsın, alov qalxır.) Bu da olmadı. (İIstəyir dal tərəfdən qaçsın, yenə alov qalxır.) Pərvərdigara, mənim ölümüm gərək burada olsun? Ya rəbbi, sənsən Yusifi zindandan qurtaran, məni də bu zindandan qurtar! (İstəyir gəldiyi yolla qaçsın, əcinnələr qışqırırlar.) Əcinnələr. Qayıt. Ah... ah... ah... Qurban yıxılır, ürəyi gedir, əcinnələr daxil olurlar. Birinciəcinnə. Ay, nə damaqla gətirdik burayadək. Nə yüyürmüşük. İndi mən bilirəm, qılçaları qırılıb, gör nə çul kimi sərilib. Əcinnələr (gülürlər). Ah... Ah... ah... Təlxəkəcinnə (dağın başından). Elə bilirsən yorulub yıxılıb? Birinciəcinnə. Bəs nə olub? Təlxəkəcinnə. O çobandan soruş, sənə nağıl elər. İkinciəcinnə. Sən niyə oraya dırmaşıbsan? Təlxəkəcinnə. Niyə dırmaşmayım, nə vecimədir? Mən də sizin kimi it ağacı deyiləm ki? Belə burada ləzzətli hava udub, kef eləyirəm. (Fit çalır.) İkinciəcinnə. Bəxtəvər buynuzuna, arı yeyib namusunu da taxıbsan quyruğuna. Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Birinciəcinnə. Ay çoban, bu oğlana nə gəldi, niyə yıxılıb? Çoban. Vallah, məndən soruşdu ki, bura haradır? Mən də cavab verdim: bura gələn geri qayıtmaz. Bir az bu yana yana yüyürüb yol tapmadı, sonra yıxıldı ora. Birinciəcinnə. A kişi, nə qayırıbsan? Bu, xanımın nişanlısıdır. Budur, neçə vaxtdır xanım bunu gözləyir. Bundan ötrü dəlidivanədir. Nə gecə yuxusu var, nə gündüz rahatlığı. Niyə qorxuzubsan bunu? Gəl görək ölməyibdi ki? Hamısı Qurbanı əhatə edir. Çoban, Qurbanın başını alır dizi üstə. Çoban. Yox, ölməyibdir, amma ürəyi gedib, bir az su gətir. Birinciəcinnə. Bu saat gətirim. (Yüyürür.) Çoban. Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür bəri gəl. Əcinnə cürdəyi gətirir. Çoban, Qurbanın üstünə su səpir. Qurban (ayılır). Ox, başınıza dönüm, bura haradır? Buradakı nə məxluqdur, bircə məni başa salın. Birinciəcinnə. Bura Pəri cadunun məkanıdır. Səni gətirdən odur. Neçə gündür sənin dərdindən nə çörək yeyir, nə su içir. Elə Qurban deyib gəzir. O Pəri cadudur ki, bizi sənə nökər eləmişdi. O hazır odun ki, hər gün gəlib meşədən tapırdın, onu biz yığırdıq səndən ötrü. Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Çoban. Oğlan, əhvalatdan mən də İndi xəbərdar oldum. Mən burada əcinnələr içində tək insanam. Sən də mənim yanımda olsan bir tövr günümüz yubanar. Pəri cadunun yanında öz kefini kök saxla. Oyna, gül... Yoxsa ax-vay eləsən səni də, səndən irəli gəlib gedənlərin dalınca göndərəcək. Eşitdinmi? (Əcinnəyə) Balam, gəlin gedək, deyəsən xanımın ayağının taqqıltısı gəlir. (Qurbana.) Bax, sözüm qulağında qalsın. (Gedir.) Pəricadu (məclisin dalında oxuyur): Can nəqdin əgər etsin, ey şux, təmənna sən. Bir güşeyi-çeşminlə eylə mənə eyma sən, eylə mənə eyma sən. Qurban (hövlnak). Ah meşədə eşitdiyim səsdir. Pəricadu (daxil olur). Xoş gəlibsən, ay oğlan. Bu yerlər hamısı sənə peşkəş, mənim canımla. De görüm, nə tövr gəldin çıxdın? Zəhmət çəkmədin ki? Qurban. Xanım, mənə çox əziyyətlər verdilər. Allah Zərnigar qarıya insaf versin. Pəricadu. Zərnigar kimdir? Qurban. Gərək ki, burada ona Şamama cadu deyirlər. Gəldi məni bir dövlətli arvadın toruna saldı. Arvadım uşağımla qaldılar ac, susuz. Axırda arvadım naəlac qalıb özü də zəhər yedi, uşağa da zəhər verdi. Xülasə, söhbət uzundur. Mən də ondan sonra toruna düşdüyüm arvadı öldürdüm, qaçdım meşəyə. Meşədə yırtıcı heyvanlar tökülüb üstümə məni qova-qova gətirib salıblar buraya. Amma, xanım, İndi ki səni görürəm, zəhmətim də, evim də yadımdan çıxır. Sənin kimi xanımın yolunda can vermək olar. Pəricadu (əl vurur, birinci əcinnə daxil olur). Ey, Şamama caduya deginən xanım səni çağırır. (Əcinnə çıxır, Qurbana.) Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. (Qurbanın qolundan tutur). Gəl, gəl gedək... (Qurban gedir içəri.) A gədə, qabdan-qaşıqdan, şərabdan gətirin, bir süfrə salın. Şamamacadu (daxil olur). Bu da mən, gəldim. Xanım axtardığını gətirib gəldim. Di mənim xələtimi ver. Pəricadu (qeyzlə). Gözlə, indi alarsan xələtini. Əcinnələr yavaş-yavaş süfrə hazır edirlər. Təlxəkəcinnə (dağın üstündən.) Elə onu mənə alginən, o da olsun onun xələti. Ölürəm ondan ötrü. Şamamacadu (acıqlı). Kəs səsini, gör hara dırmaşıb! Bu da sarımsaq yeyib gəlib mənim ağzımdan öpməyin, sonra da məni buynuzlamağın deyil. Təlxəkəcinnə (ağzını əyir). Eh, eh, eh... Pəricadu. A gədə, kəs səsini! (Şamamaya.) Hələ bir de görüm Qurbanı nə tövr gətirdin? Şamamacadu. Nə borcundur! Mənə dedin get gətir, mən də gətirdim. Hər tövr gətirdim mən billəm. Sən malın yiyəsisən. Əcinnələr süfrəyə lazım olan şeyləri gətirirlər. Pəricadu. A qoca köpək, mən səni göndərəndə nə tapşırmışdım? Utanmırsan mənə gəlib deyirsən, xanım, budur, buyur, oğlanı yanıma salıb gətirmişəm. Bəs bu bir belə əziyyəti ona veribsən, onu niyə demirsən? Sən bilirsən ki, Qurbanın ayağı büdrəyib yıxılmağına razı deyiləm? İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm. Şamamcadu. Bəli, bu da bizim qulluğumuzun əvəzi. Pəricadu. Di yaxşı, çəkil cəhənnəmə gözümün qabağından! Hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Oğlana bir belə zəhməti çəkdirməyi bəs deyil, üç qana bais olduğu bəs deyil, danışır da. Itil!.. Şamamacadu. Gedirəm, üç qana bais olmuşam, yenə də qan elərəm. Onda bilərsən ki, Şamama cadu nə imiş. Deməyinən məni sənə əcinnə padşahı qulluqçu verib. Sən ki məni qulluqçuluqdan qovdun, gör halətini. (Gedir. Birinci əcinnə daxil olur, əlindəki bakalları qoyur süfrəyə.) Birinciəcinnə. Xanım, süfrə hazırdır. Pəricadu. Get kabab gətir! Birinciəcinnə. Baş üstə. (Gedir.) Pəricadu (evin qapısından). Qurban! Qurban (içəridən). Bəli. Pəricadu. Gəl çörək yeyək. (Qurban daxil olur.) Di gəl, gülüm, otur, bir neçə piyalə şərab iç, yorğunluğun çıxsın. Qurban (otura-otura). Axır mən şərab içmirəm. Pəricadu (piyaləni doldurur). Mən verəndən sonra gərək içəsən. Qurban. Sənin o gözəl əllərindən nəinki şərab, zəhər də içmək olar. Pəricadu (piyaləni verir Qurbana). Ala, iç, bu sən deyən şərabdan deyil. Bunu əcinnələr qayırırlar. Qurban (içir).Bəh... bəh... ruhum təzələndi, qəribə içkidir. Pəricadu (içir). Ay Qurban, vallah, səni görmüşəm, elə bilirəm dünyaya təzədən gəlmişəm. Bilmirəm mən səni istəyən kimi sən də məni istəyəcəksənmi, ya yox? Qurban. Ay xanım... Pəricadu. Sən Allah, mənə xanım demə. Pəri de. Mən hər kəsə xanım olsam da, sənə Pəriyəm. Qurban. Nə eləyək, belə olsun. Ay Pəri, bayaq dedim ki, elə mənim arzum bu idi ki, çatmışam. Dövlət burada, gözəllik də səndə bir payədədir kim, cəmi aləmi axtarsan, ələ keçməz. Bu qızıl zülf, bu qələm qaşlar, bu yaqut dodaqlar, bu ahu baxışlı gözlər harada tapılar? Pəricadu (əl vurur). Rəqqasələr gəlsin. Rəqqasələr daxil olub, rəqs edirlər. Pəricadu. Doldur piyaləni götür əlinə, anadan olandan İndiyə kimi mən belə kefi görməmişəm. Oxu görək. Qurbanvə Pəricadu (oxuyurlar): Bər məhfeli xod rah mədeh həmçu mənira, həmçu mənira. Əfsordə del əfsordə koned əncümənira. Təlxəkəcinnə (dağın üstündə). Ay, ay, ay... Əzizim Həsən əmi, At oxun sinəmə dəysin. Bəs niyə ağaca çıxırdın? Başmağın tayı itib, Zülfü nə ilə darayım? Ay ala gözlü kor canan, İkimiz üçgözlü, üçgözlü canan... Qurban. Bu kimdir? Pəricadu. Ba da bizim dəlimizdir. Belə məzəllik edir. Qurban (təlxəkə). A gədə, nə yaxşı oxuyursan. Səsini toyuna saxla! Təlxəkəcinnə. Oxay, dilinə Qurban olum, o toy deyən dilinə. Nə vaxt bircə Şamamanın üzünə duvaq salıb, mənə gəlin gətirəcəklər. Ölürəm ondan ötrü, ciyərim çıxır ondan ötrü. (Oxuyur): Ay dolaydan gedən qarı, Köndələn sevdim səni. Eşqin vurub çarığıma, Dik-dik dingildədir məni, Dik-dik dingildədir məni... Pəricadu. A gədə, itil cəhənnəmə oradan. Təlxəkəcinnə (aşağı hoppanır). Ay xanım, Qurbanın olum, Şamamaya bir neçə söz demişəm, onu oxuyum, bircə qulaq as. Pəricadu. İtil get, sonra oxuyarsan. Qurban. İşin yoxdur, qoy bir az vəz eləsin, gülək. Pəricadu. Di yaxşı, oxu, başla görək nə deyibsən? Öz məclisinə mənim kimiləri buraxma, çünki bir kədərli adam bütöv bir məclisi qəmləndirə bilər. Təlxək əcinnə. Qoy özümə bir saz götürüm. (Gedir, bir parça ağac qırığı gətirir.) Heç belə saz olmaz. Qoy bir yaxşı kökləyim. Dınq, dınq, dınq... bəh, bəh, bəh... çox dadlı çalacaq. İndi, ağalar, sizə ərz eləyim insan şairlərindən. Onların hamısının yazdıqları güldür, bülbüldür. Leylidir, Məcnundur, Yusifdir, Züleyxadır, Fərhaddır, Şirindir, yardır, əğyardır, axırda dalay-dalay... Amma heç qoca qarıları yadına salan yoxdur. Əlbət Şamama kimisini görməyiblər. İnsan şairlərinin içərisində birisi var idi, Aşıq adlı. O deyirdi: Xəstəvü zar nəzarım, səni sevdim, sevəli, Qalmadı səbrü qərarım, səni sevdim, sevəli. İndi mən də bu sözün üstündə Şamamanı tərif eləmişəm. Di qulaq asın: Ey Şəmamə, qoca yarım, səni sevdim, sevəli, Motalım, tülkü dağarım, səni sevdim, sevəli. Gözlərin taxi-zoğal tək baxıban canın alır, Ey mənim çeşmi-xumarım, səni sevdim, sevəli, Necə qat-qat qırışıbdır, ruxi-gül buyun, a gül, Ey mənim şuxi-üzarım, səni sevdim, sevəli Qəddi tabın, gözəlim, taqi-kəduyə bənzər. Nə xuramandır, a qarım, səni sevdim, sevəli. Gecələr sübhə kimi ahü fəqan deyər: Quruyub cümlə damarım səni sevdim, sevəli. Eşqim vurub buynuzuma, qoy gedim görüm maralım haradadır?(Oynaya-oynaya gedir.) Qurban. Bunda yekə dəsgahlar var imiş ki!.. Pəricadu. Hələ bu nədir, bunda cəlallar görəcəksən. Di piyalənigötür, başla görək, əzizim. Qurban (oxuyur): Hər kəs ke ləbi-ləli-tora didə də del qoft, Həkkak çe xoş kənde əqiqi-Yəmənira. Sənin ləl dodağını görənlər dedi ki, həkkak bu Yəmən əqiqini nə gözəl yonmuşdur. Səlimə (qucağında uşaq, Qurbanın gözünə görünür). Laylay dedim yatasan, Qızıl gülə batasan. Laylay, balam, laylay... Səlimə yox olur. Qurbanın halı təğyir tapır. Pəricadu. Nə var? Qurban. Heç, elə qulağıma bir səs gəldi. Piyaləni götür. Qurbanvə Pəri (oxuyurlar): Biya, ey şeyx, təmaşa kon çe şərabi, çe kəbabi, Məkon əndişə əz məhşər, çe hesabi, çe kitabi. Səlimə (Qurbanın gözünə görünür): Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində Şirin yuxu tapasan... Qurban (pis halda piyaləni atır). Yox, daha tab gətirə bilmədim. Sən, bir mən arsıza, binamusa baxginən, gəlib burada kefə məşğul olmuşam, daha demirəm ki, üç qan tökmüşəm. Səlimə! Qədrini bilməmişəm, məsinə Qurban olum, mənim bağrımı... Pəricadu (qeyzlə). Bəs sən məni ələ salıbsan? Bu nə Səlimə sözüdür? Dayan... (Əl vurur, əcinnələr daxil olurlar.) Götürün bunu, bu saat bunun bədənini parça-parça elərsiniz. Bundan sonra gərək bu qayanın arasında o qədər qan tökdürəm ki, qarğa-quzğun əlindən günün şəfəqi tutulsun. Qurban. Götürün məni, çıxardın bu nühus gözlərimi. Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Mənim bədənimi dərələrə atın, qarğaquzğuna xörək olsun. (Pəri caduya) Sən də, ey mənim dinimin, dünyamın, axirətimin düşməni, gəl dalımca. (Qəmə ilə vurur.) 142 Pəricadu. Oy... Pəri cadu yıxılıb ölür. Hava qaralır, ildırım çaxır, məclisdən alov qalxır. Əcinnələr qışqırırlar. Qurbanı didə-didə aparırlar. Qurban. Səlimə, axır saatımda oxu, bir də səsini eşidim. (Mağaraya tərəf gedir, mağaradan Şamama cadu çıxır.) Ah, Zərnigar!.. Şamamacadu (istehza ilə). Zərnigar, Zərnigar!.. (Yeriyir Qurbanın boğazından dişləri ilə yapışıb, qanını sorur. Qurban ölür.) Ha belə!.. Çox ləzzətli oldu. Sən də, xanım, yatginən, yaxşı yuxuya getginən.(Oxuyur): Laylay dedim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində, Şirin yuxu tapasan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-peri-cadu İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.