Qadınlar bayramı Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Qadınlar bayramı (8 Mart) İki pərdəli pyes İştirak edənlər: Zaman } Feyzi } kəndlilər Balakişi } Hadi } Cahan – Zamanın arvadı Növrəstə – Zamanın qızı Birinciqadın } İkinciqadın } Cahanın qonaqları Sairqadınlar } Ahılqadın Birinciqız } kənd qızları İkinciqız } Cabbar – müəllim Mərkəzdən gəlmiş nümayəndə Qadınlar, qızlar, pioenerlər, məktəb uşaqları, cavanlar, kənd əhalisi * * * Birinci pərdə Əhvalat Azərbaycan kəndlərindən birində vaqe olur. Qolçomaq Zamanın evində kəndin hampalarından bir neçə nəfər əyləşmişlər. Zaman. A kişilər, biz hamımız bu saat binamus olmuşuq! Bundan sonra biz adımızı kişi qoyub başımıza papaq geyib, el içinə çıxa bilməyəcəyik. Arvadları gətirib mİndiriblər bizim boynumuza. İmdi, odur, qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Bu yazıqcığaz başı qapazlı, qoyun kimi arvadların hər biri qızmış şirə dönüb, düşüblər bizim canımıza! Üstlərinə əl qaldırsan, deyir, bu saat gedib şikayət elərəm, səni tutub qazamata salarlar! Feyzi. Canım, heç zad deyil, yəqin dünyanın axırıdır! Bundan qabaq toyuq xoruz kimi banlayanda başını kəsirdilər. İmdi toyuqlar hamısı xoruz olublar. Gərək İmdi də xoruzlar yumurta üstündə cücə çıxardalar. Ba lakişi. Yumurta üstündə yatıb cücə çıxartmaq bu saat elə mənim peşəmdir. Bir də gördün ki, arvad deyir: a kişi, sən uşaqlara muğayat ol, bu gün nümayəndə iclasına, nə bilim, savad kursuna, nə bilim haraya gedəcəyəm. Deyirəm, a mürtədin qızı, mən uşaq saxlamağı nə bilirəm? Mən inək sağmağı nə bilirəm? Budur, çuxam dağılıb, bu gün oraya getmək əvəzinə, xana qurub mənə bir çuxalıq şal toxu. Cavabından gör mənə nə deyir: mən seçilmişəm, vəzifəmdir ki, gərək gedib işləyəm. Sən də mənə mane ola bilməzsən! Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Hadi. Mənim arvadımı hamınız tanıyırsınız. Allahın ağzı otlu bir heyvanı idi. Hamı deyirdi ki, mələsə, əti halaldır. Başına yüz qapaz vursaydın, yuxarı baxmazdı. Bir gün orucunu yeməzdi, namazını keçirməzdi, həmişə də deyirdi ki, a kişi, sən atanın goru, məni bir Xorasana apar, gedim ağamı ziyarət edim. İmdi namazın da, orucun da vaxtını yadından çıxarıbdır. Axmağın qızı, nənəm yaşına çatıb, İmdi başlayıb ki, dərs oxuyuram. Şurada gedib çalışacağam. Elə bil ki, bu kəndin kişiləri şuranın işlərini onsuz apara bilməyəcəklər. Zaman. Yox, canım, buna bir təhər çəkmək lazımdır. Arvad cəhənnəm, pisdir, boşarsan gedər işinə. Bundan da yaman dərdimiz var. Arvadlara baxıb qızlarımız da pis öyrənirlər. İmdi qızların hərəsi qoltuğuna bir kitab vurubdur ki, dərs oxumağa gedirəm. Qızlarımız da oxudular, molla oldular, işimiz bitdi. Başlayacaqlar cavan oğlanlara kağız yazmağa, onda gəl eşşəyini palçıqdan çıxart da! Arvad, atanın gorunu sevirsən, arı, namusu yemisən, Allah əzabını versin, barı bu qızları rahat qoy, məni binamus eləmə! Deyir, axmaq danışma, köhnə fikirləri başından çıxart, qızla oğlanın nə təfavütü var? Qız da oğlan kimi insan deyilmi? O da istəməzmi ki, açıq gözlə dünya işığına baxsın? Bilmirəm mürtədin qızı bu dilləri haradan öyrənibdir? Məni belə danışığa basır ki, lap mat qalıb, cavab da verə bilmirəm. Feyzi. Bir gün arvadı çağırıb dedim, ya arvad, gəl əyri oturaq, düz danışaq. Sən bilmərrə abrı, həyanı qurşağına düyünləmisən. Mən də olmuşam binamus. Gündə bir qaçırsan sobranyalara, yığıncaqlara, nəmənəqomlara, adlarını da dilim tutmur. O günləri də deyir ki, gedib şurada kişilərin içində danışırmış. İmdi ki belədir, deyirəm, elə birdibli boşan get! Ondan sonra nə qələt eləyəcəksən, özün bilərsən. Deyir, çox danışma, boşanmaq lazım olsa, sənə deyərəm. Deyirəm, ay ala donquzun qızı, səni boşamaq ixtiyarı məndədir, ya yox? Deyir, onlar keçmiş ola! O sənin şəriətİndir. Deyirəm, arvad, şəriətə də şəkk gətirirsən? Deyir, bu şəriəti yazan hamısı kişilərdir, arvadlar yazsaydılar, belə yazmazdılar. Zaman. Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur. Durun, buradan hamımız gedək molla Xəlil axundun yanına. Yenə o bizdən ağıllıdır. Görək nə məsləhət görəcək. Bu tüstü bir bizim bacamızdan çıxmır, hamının bacasından çıxır. Ba lakişi. Pis məsləhət deyil. Axır, ay Zaman kişi, bir buraya bir işdən ötrü gəlmişik. Zaman. Necə iş, xeyir ola? Ba lakişi. İnşallah xeyirdir. Şər düşmənin qapısından girsin. Sən bu Hadi kişini necə tanıyırsan? Zaman. Hadi kişini kim tanımır? Bunun kimi düz, doğru adam harada tapılar? Ba lakişi. Çox gözəl. Atan rəhmətlik. Bunun oğlu Qədimi necə görürsən? Zaman. Niyə, yaxşı oğlandır. Əkən, tökən, qoçaq, əlindən hər iş gələn oğlandır. Allah öz pənahında saxlasın. Ba lakişi. İmdi bizim buraya gəlməyimizdən qəsdimiz budur ki, Hadinin oğlu Qədimi sənə oğulluğa verək. Sən də gərək bizim sözümüzü yerə salmayasan. Bir qız əvvəl-axır bir oğlana qismət olasıdır. Hadidən yaxşı qohum, Qədimdən yaxşı yeznəni də sən tapmayacaqsan. Zaman. Mən heç vədə Qədimə bilayiq oğlan demərəm. Yaxşı, başıaşağı, həyalı oğlandır. Hadi də nəinki öz kəndimizdə, hətta cəmi mahalda abırlı bir adam sayılır. Ancaq, izin verin, bir qızın anası ilə də danışım. Onun da ürəyini bilim. Sonra sizə cavab verərəm. Keçən vaxtlar olsaydı, dinməzsöyləməz deyərdim: “Allah xeyir versin!”. Amma İndi özünüz arvadların xasiyyətlərinə bələdsiniz. Kişinin bir sözünə otuz bir cavab verirlər. Ba lakişi. Nə eyib elər, arvadınla da bir danış. Yəqin onun da bir sözü olmayacaq. Hadi. Eybi yoxdur, danış, sabah cavabına gələrəm. Ba lakişi. Inşallah, əliniz yaxşı yağa bulaşar. İmdi qalx, Zaman kişi, düş qabağa, gedək, görək axund bizə nə yol göstərəcək. Zaman. Siz yavaş-yavaş gedin, mən də daldan gəlib sizə çataram. Qonaqlar bir-bir çıxırlar. Ba lakişi. Qırılasınız sizi, ay arvad tayfası! Feyzi. Toxumunuz kalana düşsün, kalana da bir od. Zaman. Amin, ya rəbbi! (Qonaqları yola salıb, qayıdır.) Cahan (daxil olur). Kişi, yenə dost-aşnalarını başına yığmısan, xeyirdirmi? Zaman (şuxluqla). Sən hər gün gedib, sobranyalarda şaftalı tabağı kimi ortalığa atılıb reç oxuyursan, biz də dul, sahibsiz adamlar kimi bir yerə yığışıb öz günümüzə ağlayırıq. Deməli, buna da gərək sizdən izin istəyək? Cahan. A balam, ağlamalı günlər keçdi. İmdi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir! Zaman. Zarafat qalsın kənarda, bir gəl otur, sənə bir neçə deməli sözüm var. Cahan. Əgər yenə mənimlə şəriətdən, zaddan danışacaqsan, boş yerə başını ağrıdıb, mənim də vaxtımı əlimdən alma. Zaman. Yox, şəriətdən danışmayacağam. Sən bir yolluq buğda yeyib cənnətdən çıxmısan. Mən də danışmaqdan yorulmuşam. Otur, ayrı söhbət var. Cahan (oturur). Di oturdum, buyur görək. Zaman. Bu kişilər bilirsən nə üçün gəlmişdilər? Cahan. Yox, bilmirəm, söylə sən bilərəm. Zaman. Bunlar elçiliyə gəlmişdilər. Bizim Növrəstəni Hadinin oğlu Qədimə istəyirlər. Cahan. Yəqin sən də dedin “Allah xeyir versin!”. Beləmi? Zaman. Elə onun kimi bir iş oldu. Dedim sənə gənəşməsəm qurtaran cavab verə bilmərəm. Hadinin oğlu bir yaxşı oğlandır. Hadi də hər bir yerdə sayılan bir adamdır. Cahan. Hadi də yaxşı kişidir, oğlu da yaxşı oğlandır. İmdi mən də səndən bir şey soruşum. Bircə de görüm ki, sən göydən düşmüsən, yoxsa o dünyadan gəlmisən? Axmaq kişi, budur, tamam on ildir, dörd ətrafında çəkic vururlar. Sən deyirsən, bu nə taqqatuqdur? Vay sənin başına daş düşsün! Yaxşı, Hadinin oğluna sən ərə gedəcəksən, yoxsa mən? Zaman. Nədir, yoxsa dediyin budur, mən on beş yaşında qızla məsləhətə oturum? Elə bircə bu qalmışdı, arvad! Atamın goru haqqı, məni cana doyduracaqsan, axır bir gün səni də öldürəcəyəm, uşaqların da bir-bir başlarını kəsəcəyəm. Qoy ondan sonra məni də aparıb güllə qabağına qoysunlar. Daha bu yerədək adamı saymamazlıq olmaz ki! Lap bir belə ağ eləmək olmaz ki! Ata olasan, öz qızını ərə verməyə ixtiyarın olmasın? Bu hansı şəriətdədir, hansı zakondadır? (Papağını başından götürüb yerə çırpır.) Ay sahibsiz qalasan belə papaq! (Cahan qəhqəhə ilə gülür.) Niyə gülürsən, ay mürtədin qızı?! Cahan. Nəticəsini görərsən! (Çağırır.) Ay Növrəstə, ay Növrəstə!.. Növrəstə (daxil olur). Nə deyirdin, ana? Cahan. Atan səni Qədimə vermək istəyir, nə deyirsən? Zaman (Növrəstəyə). Ay qız, çəkil buradan cəhənnəmə! (Cahana) Ay arvad, bu uşağı niyə çağırıb, üzünü açırsan? Növrəstə. Ata, hələ mən dərs oxuyuram, elə ki oxudum qurtardım, bəyəndiyim oğlanların birisinə də gedərəm. Bir də, ata can, qoyun satmırsan, keçi satmırsan. Məndən xəbərsiz məni necə ərə verirsən? Zaman (qəzəbli). Axmaq qızının danışığına bax! Doğru deyiblər, anası çıxan ağacı balası budaq-budaq gəzər! Belə anadan belə qız törəyəcəkdir! Zamananız dağılsın! Sizə tərbiyə verənin evi yıxılsın! Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Oturarsan evdə, qapıdan çölə çıxarsan, durub qıçını sındıraram. Gəlib sənin o kitablarının hamısına od vuracağam! Bir də uşkola adı çəksən, dilini tutub dibindən kəsəcəyəm. Çəkil buradan, bihəya! Növrəstə. Kəndin qızları hamısı oxuyur. Mən də oxuyacağam. Sənin də məni məktəbdən çıxarmağa heç ixtiyarın yoxdur. Zaman. Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Budur, gedirəm axundun yanına, orada mən sənin kəbinini Hadinin oğlu Qədimə kəsdirərəm. Onda sənin bu uzun dilin gödələr! Cahan. Zakon on beş yaşında qızı ərə verməyə ixtiyar vermir! Zaman. Zakon ixtiyar vermir, şəriət ixtiyar verir. A mürtədin balaları, mənim atalıq ixtiyarımı əlimdən aldınız, namusumu tapdaladınız, şəriətimi də əlimdən alacaqsınız?! Şəriət doqquz yaşında qızları ərə verməyi rəva görür, qurtardı getdi. Mənim qarşıma zakon çıxaranların qarşısına şəriət çıxardaram. Görək kim güclüdür! Növrəstə. İşin yoxdur, ana, qoy nə bilir eləsin. O, axundun yanına gedər, mən də kənd şurasının. Ondan sonra kim güclü olduğun baxıb görərik. Dur, ata, buyur axundun qulluğuna! Zaman. Gedərəm də, sənin o qurd düşmüş dilini də yaxşı kəsərəm! (Durur.) Növrəstə. Get, get!.. Zaman (gedə-gedə). Laməzhəb uşağı laməzhəb. İmdi sizə əlimin suyunu göstərərəm (Cəld çıxır.) Cahan. Qoçaq qızım, yaxşı cavab verdin. Növrəstə. necə eləyim, ana? Bir də görəcəksən gəldi qapını bağladı. Bir gecədə götürüb bir axmağın birisinin tərkinə atdı. Bu saat gedib kənd şurasına deyəcəyəm ki, atam məni oxutmaq istəmir, özümü də ərə verir. (Gedir. Qapı açılır, beş-altı nəfər qadın içəri daxil olurlar). Cahan. Nə var, ay arvadlar, xeyirirmi? Birinciqadın. Xeyir olmamış nə var? Sənin canın üçün, bütün kəndin arvadlarını görmüşük. İmdiyədək yatdıqları bəsdir, gərək hamısı bugünkü seçkiyə getsinlər. Daha bir nəfər “ay mən uşaqlarımı yiyəsiz qoyub camaat işlərinə məşğul ola bilmərəm” demir. Hamı bu on ilin müddətində lazımınca ayılıbdır. İkinciqadın. Elə ki, məni də istədilər aparıb iş üstə qoysunlar, yalvardım, dedim amandır, məni uşaqlarımdan ayırmayın. Mənim balalarım gözümün qabağında olmasalar, bir dəqiqə rahat ola bilmərəm. Axırı olmadı, əl çəkmədilər, aparıb qadınlar şöbəsində oturtdular. Mən camaat işinin, camaat qulluğunun belə şirin olduğunu bilmirdim. Qadınlardanbirneçəsi. Belədir, həqiqət belədir!.. Cahan. İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Gərək biz də öz bacarığımızı göstərək. Kənd şurasına qadınlardan bir neçə nəfər üzv seçək. Bacarsaq, şura sədrini də qadından seçək! Qadınlar. Cahan xala düz deyir, belə də edilməlidir! Cahan. Kəndimizin məktəbi yoxdur, bulağı yoxdur. Bu seçkidə ən bacarıqlı və qanacaqlı adamları şuraya seçməliyik ki, bu məsələləri həyata keçirtsinlər! Camaatın qara su içməkdən hamısının qarnı şişibdir. Çalışıb kəndə bir bulaq suyu gətirtmək lazımdır. Arvadlarımız Bahar girəndən sonra payızın axırınadək bağda, əkində gedib işləyirlər. Aya, bir yer lazımdırmı ki, işə gedən arvadlar körpə uşaqlarını aparıb orada qoysunlar? Bundan ötrü də çocuq yaslisi açmaq lazımdır. Hamı. Bu hər şeydən vacibdir. Cahan. Hər yerdə qiraət koması açılır, amma biz İmdiyədək onun adını eşidib, üzünü görmürük. Yağış yağandan sonra küçələrimizdə yerimək olmur. Heç olmasa kəndin bir küçəsini də daşlamaq lazımdır. İkinciqadın. Cahan xala gözəl danışır. Biz gərək hamımız birləşib, bizə verilmiş ixtiyaratdan tamamilə istifadə edək. Qoy görsünlər ki, biz də iş bacarırıq. Gərək bacardıqca seçkidə çox qadın keçirək. (Cahana) İmdi bilirsənmi, Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmişik. Biz çalışacağıq da, məramımıza da çatacağıq. Biz səni kənd şurası sədrliyinə namizəd seçmişik. Sən də gərək boyun qaçırmayasan. Cahan. Mən camaat qulluğundan, özünüz bilirsiniz, qaçmamışam və qaçmaram da. Amma bir şey var, mənim yaşım qırx beşi adlayıb. Aranızda qoçaq, işbilən, savadlı qadınlar var, onlardan birinin namizədliyini qoyun. İkinciqadın. Yox, Cahan xala. Gərək bizim sözümüzü yerə salmayasan. Sən bizim savadlılarımızdan artıq iş görə bilərsən və halonki savadsız qadınlar üçün gecə kursları açıb, tamam savadsız qadınları savadlandırarıq. Cahan. Baş üstə, siz istəyəndən sonra mənim də sözüm yoxdur, razıyam. Ancaq seçki yavuqlaşır, gərək kənd arvadlarının hamısının ağızlarını bir yerə yığasınız. İkinciqadın. Bu barədə arxayın ol. Kəndin cavan, qoca qadınları hamısı bir dil, bir ürəklə seçkiyə gedəcəklər. Cahan. Çox gözəl! Yaşasın çalışqan kənd qadınları! Hamı. Yaşasın qeyrətli Cahan xala! İkinciqadın. Salamat qal, Cahan xala, biz də gedən işimizdə olaq. Arvadlar gedirlər. Növrəstə (tələsik daxil olub). Ana, getdim kənd şurasına xəbər verdim. Onlar da adam göndərib atamı mollanın evindən çağırdılar. Özünə də dedilər ki, əgər qızının oxumağına mane olasan, ya onu özündən bixəbər ərə verəsən, səni tutub qazamata salacağıq. İmdi budur, hirsli gəlir. Mən qaçıb gizlənəcəyəm. (Çıxır.) Zaman (daxil olur). Məramına çatdın, arvad. Bundan sonra sən çal, mən də oynayım. (İstehza ilə) Anlamamışam, qələt eləmişəm, cənab Cahan xanım, bağışla məni, taqsırlarımdan keç! (Qeyzlə) Məlun uşağı məlun! Namusumu əlimdən aldınız. (Hirsli, papağını yerə çırpır.) Alın, bu da papağım! Pərdə * * * İkinci pərdə Kənd meydançası. Evlər qırmızı bayraqlarla müzəyyəndir. Bir tərəfdə qiraət koması. Qiraətxanadan kəndlilər çıxır və oraya daxil olurlar. Müqabilində qırmızı parçalara bükülmüş su budkası. Dəstə-dəstə uşaqlar orada-burada oynaşırlar. Su budkasının yanında yekə bir daş. Növrəstə budkanı bəzəməkdədir. Neçə nəfər ahıl və cavan qadınlar, arxalarında sənəkləri, gəlib səhnədən keçmək istəyirlər. Növrəstəni görüb dayanırlar. Ahılqadın. A bala, Növrəstə, bu nə xəbərdir? Kənd belə bəzənməkdə kimi gözləyir? Növrəstə. Heç kimi. Bilmirsən ki, bu gün martın səkkizi və qadınların bayramıdır? Axşamdan hamıya xəbər verilməyibdirmi? Ah ılqadın. Xəbər verilibdir, ancaq hər martın səkkizində bayram olursa da, bu cəlalla olmur. Bugünkü başqa cəlaldır. Dedim bəs Bakıdan qonağımız gələcək. Növrəstə. Qonağımız da gələcək. Amma bir iş var, İmdiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Onlar heç vaxt qəbul eləməzdilər ki, qadınlar başıaçıq meydanlara çıxıb bayram saxlasınlar. İmdi qadınlar da iş başındadırlar. Bugünkü bayramımızı şərafətlə keçirməliyik. Qayıdın geri, sənəklərinizi qoyub, buraya cəm olun. Ah ılqadın. Necə qayıdaq? Evdə bir içim su yoxdur. Növrəstə. Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Dünən bu barədə elan olunmuşdu, eşitmədinizmi? Ah ılqadın. Vallah, Cahan hər işləri düzəldir, qoçaq arvaddır. Başqabirqadın. Onun qoçaqlığını ondan bil ki, bu yaşında, üçdörd ayın içində savadlandı. İmdi yazır, oxuyur. Hər gün ona Bakıdan qəzet gəlir. Ahılqadın. İmdi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Budur, bu ilin içində gör kəndi necə abad eləyibdir. Növrəstə. Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər. Amma İmdi şura məktəblərində təzə əlifba ilə dərs verirlər. Bir aydan sonra, görərsən, adam gül kimi oxuyub-yazır. Ahılqadın. Mən də oxumaq istərdim, ancaq ərimdən qorxuram. Növrəstə. Mən sənə İndidən deyim, heç qorxma. Sən məktəbə bir ərizə yaz ver, ondan sonra işin yoxdur. Ərin mane olsa, mənə xəbər ver. Ah ılqadın. Səni boya-başa çıxasan, ay belə qız! Günü sabah ərizə verəcəyəm. Bəs ərizəmi kim yazacaq? Növrəstə. Gələrsən, mənim özüm sənə ərizə yazaram. Ahılqadın. Çox gözəl. Səni görüm ağ günə çıxasan. Növrəstə. Di haydı, qayıdın geri, sənəklərinizi evinizdə qoyub, qayıdın buraya. Sonra gəlib buradan gözəl şirin su apararsınız. Qadınlar. Gedək, gedək. Sağ olsun Cahan xala! Gedirlər. Neçə nəfər məktəb qızları Növrəstənin yanına gəlirlər. Birinciqız. Yoldaş Növrəstə, bizi niyə çağırmırsan, gələk sənə kömək eləyək? Sən tək bunu nə vaxta qurtaracaqsan? Növrəstə. Nə bilim, zəhmət vermək istəmədim. İkinciqız. Zəhmət nədir, bayramımızdır, gərək işləyək, təntənəli keçsin. Qızlar, gəlin. Hamı birlikdə başlayırlar budkanı bəzəməyə. Bu halda üç nəfər on altı-on yeddi yaşlarında oğlan gəlir. Cabbar. Yoldaşlar, bizə də bir iş verin, sizə kömək eləyək. Nərdivana dırmaşmaq, çəkic vurmaq qadın işi deyil. Birinciqız. Niyə deyil? Qadın sizdən acizdir? Cabbar. Biz “acizdir” demədik. Hər kəs öz işində gərək mahir olsun. (Növrəstəni görür.) Ay qız, Növrəstə deyilsən? Böyüyüb yekə qız olmusan. Üç ildir səni görmürəm. Mən gedəndə balaca, bu boyda bir qız idin. Növrəstə. Sən də Salman əminin oğlu Cabbar deyilsən? Cabbar. Yaxşı tanıdın. Məni buraya, öz kəndimizə müəllim təyin ediblər. Cahan (daxil olur). A qızlar, cəld olun, qurtarın, vaxta az qalıbdır! Növrəstə. Bu saat, ana can, görmürsən nə qədər köməkçim var? Ana can, bu oğlanı da tanıyırsanmı? Salman əminin oğlu Cabbardır. Burada təzə açılan məktəbə müəllim təyin eləyib göndəriblər. Cahan. Çox yaxşı olub. Xoş gəlmisən, bala! Ümidvaram ki, kənd balalarına qaydasınca təlim verəcəksən. Cabbar (əl verir). Əlimdən gələn səyi eləməyə hazıram. Hadi, Balakişi, Zaman gəlib səhnədən keçirlər. Zaman vəziyyəti görüb, qızını çağırır. Zaman. Növrəstə, buraya gəl. (Növrəstə gəlir.) O danışdığın oğlan kİmdir? Növrəstə. Salman əminin oğludur. Təzə müəllim gəlibdir. Zaman. A mürtədin qızı mürtəd, Salmanın oğlu sənin qardaşındır, əmin oğludur, dayın oğludur?! Onunla nə laqqırtı vurursan? Növrəstə. Ata, danışanda məgər bir xata olar? Zaman. Xata da olar, ötər də. Gələrsən evə mürtədin qızı. Bədəninə dağ basmasam, atamın oğlu deyiləm. Məni sən cana doydurdun! Cahan (yavuqlaşır). A kişi, uşaqdan nə istəyirsən? Nə qışqırtı salmısan bu meydana? Zaman. Uşağın atasının cəmdəyinə min lənət! O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin! Özün şura sədri olmusan, nə olmusan, sən bilirsən, daha bu uşağın abrısını tökmə. Cavan qız sənin gözünün qabağında oğlanlarla danışır, sən də durub tamaşa eləyirsən. Ay arvad, heç olmasa bir insafın olsun. (Qızına) Gələrsən evə mürtədin qızı, görərsən nə divan tutacağam! Cahan. Kişi, dinməz-söyləməz get evə. Mənim xatirim üçün camaat sənin hörmətini saxlayır, sən də yolundan, izindən çıxma! Zaman. Gedirəm, sözüm yoxdur. Vaxta ki namus gedir, qoy kökündən getsin. Hadi, Balakişi, gedək! Cahan, Növrəstə budkaya qayıdıb, işə məşğul olurlar. Hadi. A kişi, qanını xarab eləmə. Gəl gedək Molla Xəlilin yanına söhbətə. Gedirlər. Cavanlar budkanın bəzəyini qurtarıb çəkilirlər. Növrəstə və Cabbar söhbət edə-edə mehriban gedirlər. Səhnənin sağ tərəfində bir dəstə pioner baraban çalaraq gəlib bir tərəfdən nizamla dayanırlar. Sol tərəfdən məktəb uşaqları – qızlar və oğlanlar qarışıq, qabaqlarında bir dəstə aşıq, əllərində bayraq, daxil olub bir tərəfdən dayanırlar. Bir dəstə kənd qadınları və kişilər də gəlib dayanırlar. Iki-üç dəqiqədən sonra iki nəfər kişi, bir nəfər qadın çıxırlar. Dallarınca Cahan gəlib sədarətdə əyləşir. Cahanı gördükdə hər tərəfdən alqış qalxır. Cahan (sakitlik bərpa olandan sonra ayağa qalxır). Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. (Alqış) Bu gün cəmi dünyanın zəhmətkeş qadınları üçün əhəmiyyətli bir gündür. Bu gündə dünyanın hər tərəfindən, əziyyət, məşəqqət, təzyiq altında qalan, evlərdə dünya işığına həsrət qalıb qara qul mənziləsində olan, fabriklərdə, zavodlarda gündə on iki saat və daha da işləyib qarınları dolusu çörəyə əlləri çatmayan zəhmətkeş, sərhədlərə, fəsillərə baxmayıb əllərini şura işçi-kəndli qadınlarına uzadırlar. Bu gün onların hamısına işıqlı bir günün, gələcəyin müjdəsini verir. Yaşasın Şuralar İttifaqı! Yaşasın fəhlə-kəndli birliyi! Yaşasın Səkkiz mart günü! (Hamı əl vurur, çalğıçılar çalırlar. Pionerlər barabanlarını vururlar. Cahanın əlinin işarəsilə hamı sakit olur.) Söz verilir mərkəzdən gələn yoldaşımıza! Əyləşən kişilərdən biri qalxır ayağa, hər tərəfdən alqış. Mərkəzdəngəlmişnümayəndə. Yoldaşlar! Mən torpaq komissarlığı tərəfindən buraya nümayəndə sifəti ilə gəlib, həmin komissarlıq tərəfindən sizin iki bayramınızı təbrik edirəm. (Alqış) Birinci bayram keçirməkdə olduğunuz qadınlar günü, martın səkkizi. İkinci bayram, əhalinin qızdırma xəstəliyi kimi ağır bir naxoşluğun əlindən qurtarması bayramıdır. Yoldaşlar! Siz İmdiyədək içdiyiniz iki arşın dərinlikdən çıxan quyu suyu idi. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olar. Bu gün kəndə şirin bulaq suyu axacaq və bu suyun səbəbinə sizin içinizdən dediyim azar götürülər. Bu suyun kəndə gətirilməsi, tək şuranın və bir də bu şuranın sədri olan Cahan yoldaşın səyi və ciddiyyəti nəticəsidir. Ona görə üzümü ona tutub deyirəm: yaşa, Cahan xala! (Alqış, dəf, balaban.) Yoldaşlar! Azərbaycanda şura hökumətinin səkkiz ili yavuqlaşır. Yeddi il bundan əqdəm Azərbaycanda savadlı qadın tək-tək tapılardı. Şərq qadınlarının arasında yoldaş Cahan və sair kimi fəal qadınlar çıxırlar. Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar İmdi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar və kişilərlə bərabər, artıq fəaliyyət göstərirlər. Yaşasın Şərq qadını və onun parlaq istiqbalı! Alqış, dəf, balaban. Cahan ( ayağa durur). Yoldaşlar! Cəmi əhali tərəfindən, buraya nümayəndə göndərən torpaq komissarlığına izhari-təşəkkür edirəm. (Alqış) Mən bu bulaq məsələsi üçün neçə dəfə mərkəzə getdim. Komissarlıqların hamısından məhəbbət gördüm. Biz qadınlar İmdiyədək kişilərin ayaqları altında əzilirdik. Bizi işləməyə qoymayıb, adımızı bacarıqsız qoyurdular. Şura hökuməti sayəsində bizlər də əlimizdən gəldiyini meydana çıxara bilirik. Nümayəndə yoldaş məni tək göstərdi. Amma mən tək işləmirəm. Bütün şura üzvü olan qadınlar və kişilər də bu işlərdə mənə köməkçidirlər. Onların köməyi ilə, hökumətin müavinəti ilə, budur, kəndə təmiz şirin su gətirmişik. İkinci, bir məktəb açmışıq. Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yaslı bina etmişik. Kənddə mama yoxluğu hiss edilirdi. Qızlarımızdan birisini göndərmişik ki, mərkəzdə oxuyub, bu işi öyrənib gəlsin. Bir az müddət içində biz bu qədər iş görmüşük. (Alqışlar) Mərkəzdəngəlmişnümayəndə (qayçını alıb enir). Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. (Lenti kəsir.) Su başlayır axmağa. Uşaqlar internasional oxuyurlar. Ondan sonra halay vururlar. Cavanlar oynayırlar. Qızlardanbiri. Ay uşaqlar, Cahan xalanı ortaya çəkin! Gərək onu da oynadaq! (Bir nəfər Cahanı ortaya çəkir.) Cahan xala gərək oynasın! Cahan. Belə bayramda oynamamaq günahdır! (Oynayır.) * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-qadinlar-bayrami İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.