Sağsağan Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Sağsağan İki pərdə, beş şəkildə İştirak edənlər: Tarıqulu – kəndli Fatmanisə – onun arvadı Qədim – oğlu Qurban – Fatmanisənin qohumu Komsomolçu – pionerlərin rəhbəri MollaZaman Arvadı GülpərI }qonşu Qadı nlar Sərəncam Güləndam Qızyetər Mahpəri HəmşəriCahan Kəndlilər, pionerlər, çalğıçılar, uşaqlar * * * Birinci pərdə Birinci şəkil Kəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir kənarda oturub, doğrama yeyir. Fatmanisə (cəhrəni əyirərək oxuyur): Sən gedən bir il oldu, Vİrana bağlar gül oldu. Vədə verdin gəlmədin, Bu nə yaman dil oldu. Qədim. Ana, nə oxuyursan? Fatmanisa. Nə oxuyacağam, ay oğul? Dərdimi ağlayıram. Atan ay yarımdır gedibdir, heç bir xəbər yoxdur, oxuduğum elə odur. Qədim. Atam gedəndə dedi ki, mayın birinə on gün qalmış gələcəyəm, sənə də bir dəst yaxşı paltar gətirəcəyəm. Fatmanisə. Bəs niyə gəlmir? Sabah da mayın biridir, gəlsin çıxsın. Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Onunla gedənlər hamısı qayıdıb gəldilər. Səfiqulu, Qurban, Yetər oğlu Qara, Talıb kişinin iki oğlu. Gedəndə dedi ki, nə bilim, dilim tutmayır, Tovuz tərəfdə kolxozçuların əkin işləri dalda qalıbdır, onlara hav eləməyə gedirik. Elə o gedəndir. (Pəncərədən baxır.) Qurban dayın odur gedir, bircə çıx onu çağır gəlsin. Qədim cəld çıxır, bayırdan səsi gəlir. Qədim. Ay Qurban dayı, ay Qurban dayı! Qurban (bayırdan). Nə deyirsən, ay bala? Qədim (bayırdan). Nənəm səni çağırır. (Qayıdır evə.) Nənə, budur gəlir. Əlli-əlli beş yaşında Qurban, əlində ağac, daxil olub məfrəş üstündə oturur. Qurban. Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki? Fatmanisə. Səni elə ondan ötrü çağırdım. Axı bu kişiciyi aparıb başını harada batırdınız? Qurban. Kişinin niyə başı batır? Onu dəyirmanın novundan salsan, donuzluğundan diri çıxar. Fatmanisə. Bəs bu bədbəxt oğlu harada qaldı? O da sizinlə getməmişdimi? Qurban. Bizimlə getmişdi, doğrudur. Biz getdik Tovuzun kolxoz yerlərinin əkininə kömək eləyib, vaxtında qurtardıq. Sonra xəbər gəldi ki, Qasım İsmayılov dairəsində də əkin işi ləngə düşmüş. Tarıqulu özünü udarnik yazdırıb getdi oraya. Biz evə qayıtdıq. Vəssalam... Fatmanisə. Necə? Udernik yazdırdı? İndi ki, udernik-mudernik yoxdur? Qurban (gülür). Udernik nədir, ay dayı qızı? Udarnik, yəni zərbəçi. Fatmanisə. Anladımsa, başıma daş düşsün. Bu camaat gündə bir təzə söz çıxardacaq: kolxoz, udernik, nə bilim zorbaçı! Mən zorbaçı-zurnaçı anlamıram. Bircə de görüm, kişi nə vaxt gələcək? Qurban. Arxayın ol, bu gün-sabah burada olar. Qədim. Mənə də təzə paltar gətirəcək. Qurban. Əlbəttə, elə ki, işini qurtardı, palaqaysasını aldı, sənə də bir dəst pioner paltarı alıb gətirəcəkdir. Fatmanisə. Ay Qurban, atanın gorunu sevərsən, dədə-baba dilini danış. Bu sözləri haradan öyrəndin gəldin? Qurban. Ay rəhmətliyin qızı, dədə-baba nədir? Dədə-baba getdi, dilini də özü ilə apardı. Sən göydən düşübsən, nədir? Məgər ətrafı gözlərin görmür? İndi Şura hökumətidir, hər hökumətin bir dili olur. Şura hökuməti tək bir dil gətirməyibdir, savad gətiribdir. Keçən vaxtlarda kəndxuda bir baviska göndərəndə qapı-qapı gəzib oxutmağa adam axtarırdıq. İndi, bax (cibindən qəzet çıxarır), mən qəzet oxuyuram, dünyada olan işlərin hamısından xəbərdaram. Kəndin çox yarısı savadlanıbdır. Bir az keçməz Azərbaycanda bir savadsız arvad, ya kişi qalmaz. Qədim. Qurban dayı, o gün müəllim məni dədəmin yanında görüb dedi: “Bunun oxumaq vaxtı yetişibdir, əlbəttə, payız girən kimi bunu məktəbə göndərərsən”. Dədəm də əlini gözünün üstünə qoyub dedi: “Baş üstə”. Payız olan kimi məktəbə gedəcəyəm. Qurban. Bəs nədir? Əlbəttə, gərək oxuyasan. Oxu, öyrən, öyrəndiyini anana da öyrət. Fatmanisə. Bəli, düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Qurban. Burada saqqal darağı-filan yoxdur. Odur, mənim qızım, Səfərin arvadı, Cəfər kişinin gəlini, Pərinisə qarının nəvəsi, hamısı axşamlar gedib dərs oxuyurlar. Sən də oxuyarsan, onlar kimi savadlanarsan, daha zərbəçiyə zurnaçı, udarnikə udernik deyib, xalqı özünə güldürməzsən. Fatmanisə. Atayın gorunu sevərsən, mənim yaxamdan əl çək, nə zorbaçı tanıyıram, nə zurnaçı. Onu bilirəm ki, başıma daş düşüb, balam yetim qalacaq. Belə boş danışıqlarla başımı tovlayırsan. Nə oldu, gedənlər hamısı qayıtdı, elə bir mənim kişim zorbaçı çıxdı? Qurban. Səninlə danışanın gərək dəmirdən bir boğazı olsun. İndi ərin Tarıqulu gələndə, gəlib sənin kefini soruşaram. Rəhmətliyin nəvəsi, məni nahaq yerə yolumdan elədin. Tələsiyirəm, qiraət komasında iclasımız var, gərək özümü oraya yetirəm. (Durub gedir.) Fatmanisə. Allah, bəndələrinə yazığın gəlsin, xalq ata-baba dilini unudub, özündən təzə dil çıxarıb. (Qapıdan sağsağan səsi gəlir. Oğluna) Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Qədim. Ana, hancarı deyim? Fatmanisə. Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Qədim (“sağsağan, sağsağan, xeyirxəbər olasan” deyə-deyə çıxır. Bayırdan səsi gəlir.) Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Fatmanisə. Ay Göy imam, sağsağanın xəbəri doğru olsun, gəlim qurbanımı kəsim. (Qədim qayıdır.) Əyə, dedinmi? Qədim. Başı Murad uşağının qapısına tərəf idi. Quyruğu da bizə tərəf. Fatmanisə. Daha başımıza daş düşdü. Ay yazıq balam, atanın başında bir şey var. Evin yıxılsın, səbəb! Kişini tovladılar, evini yıxdılar, biz də qaldıq çöldə. Qədim ağlayır. Kənd uşaqlarından üç nəfər daxil olur. Uşaqlardanbiri. Qədim, nə oturubsan evdə? Tez ol gedək. Qədim. Mən heç bir yana getməyəcəyəm. Uşaq. Sabah mayın biridir. Budur, uşaqlar hamısı yığışıblar, gedirik bağlarda bənövşə yığıb gətirib, guşəmizi bəzəyək. Qədim. Mən heç yana gedən deyiləm. Evimizdə oturacağam. Uşaq. Getmirsən getmə, daha niyə ağlayırsan? Qədim (ağlayaraq). Odur, nənəm deyir ki, dədən ölüb. Sən yetim qalacaqsan. Uşaq. Bu xəbəri sizə kim gətirdi? Odur mənim atam da sənin atanla getmişdi, qayıdıb gəldi. Deyir: Tarıqulu da zərbəçi olub, getdi Qasım İsmayılov dairəsində əkinə kömək eləməyə. Sabah gələcək. Fatmanisə. Arxayın olun, gələcək. Elə sağsağan da onu deyir. Uşaq. Sağsağan nədir, ay Fatmanisə xala? Qə dim. Qapıda sağsağan qarıldayırdı. Nənəm dedi, yəqin dədən gəlir. Çıx deginən: “Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur”. Mən də çıxdım dedim. Sağsağanın quyruğu bizim evə tərəf idi, başı Murad uşağının həyətinə. İndi nənəm deyir ki, yəqin sağsağan atanın ölüm xəbərini gətiribdir. Atan sağ olsaydı, sağsağan başını bizim evə tərəf tutub qırıldardı. Uşaqlar gülüşürlər. Uşaq. Sağsağan xəbər gətiribdir? Ha!.. Ha!.. Ha!.. Xəbəri poçt gətirər, teleqraf gətirər. Sağsağan da xəbər gətirərmi? Bax, belə şeylərə inanarsan, biz də səni görəndə sataşarıq, sənə gülərik, ağız-ağıza verib deyərik: “Səlli əla sağsağan, isti fətir, göy soğan!”. Fatmanisə. Sizdə təqsir yoxdur, təqsir sizə tərbiyət verib dindən, məzhəbdən çıxardanlardadır. Camaatın üzü Allahdan dönüb. Uşaqları da xarab edirlər. (Qədimə) Oğlum, sən də yoldaşlarınla get, evdə qalıb xiffət eləmə. Uşaqlar (Qədimin qolundan tutub, atılaraq). Səlli əla sağsağan, isti fətir, göy soğan. Çıxırlar. Fatmanisə (bir dərin ah çəkib, gedib başını qapıdan bayıra çıxarır). Ay Gülpəri, ay Gülpəri! Gülpəri (eşikdən). Nə var, ay qız? Fatmanisə. Bircə, özünü mənə yetir, sən balalarının canı. (Qayıdır otağa.) Gülpəri (daxil olur). Nə var, ay qız, nə xəbərdir? Fatmanisə. Nə olacaq? Kəndin avaraları yazıq kişini tovlayıb Tovuz dairəsində hava apardılar. İndi onunla gedənlər hamısı qayıdıb gəliblər, ondan bir xəbər yoxdur. Deyirlər zorbaçı olub, ya nə olub, dilim də tutmur deməyə, oradan da bir ayrı dairəyə gedibdir. Ancaq məni aldadırlar. Kişinin başı əlində deyil. Bir az bundan qabaq gördüm qapıda sağsağan qırıldayır. Dedim, Allah, sənə şükür, kişi gəlir. Bir də baxdım ki, sağsağanın quyruğu bizə tərəfdir. Əlim-ayağım yerdən üzülüb, bilmirəm nə qayırım, nə çarə qılım. Gülpəri. Nə çarə qılacaqsan? Allah axırını xeyir eləsin. Sağsağan ki quyruğunu evə tərəf çöndərib qırıldadı, yəqin, ölüm yoxsa da, bir bədbəxtlik üz veribdir. Fatmanisə. İndi mənə məsləhətin nədir? Gülpəri. Dur gedək Molla Zamanın yanına. O bir Qurana məşvərət eləsin. Sağsağan yalan deməz. Bu, min dəfə sınanmış bir işdir. Amma yenə arxayınlıq üçün Qurana məsləhət elərik. Fatmanisə. Nə deyirəm, gedək. Bir cüt kişiyə corab hörmüşdüm, onudaca aparım verim mollaya. Gülpəri. Di dayanma, elə indicə gedək. Fatmanisə. Allah, bəndənə özün rəhm elə, mənim bircə balamı yetim qoyma. Çıxırlar. Pərdə İkinci şəkil Molla Zamanın evində. Molla və arvadı. Molla Zaman. Arvad, günortaya bir şey düzəldə bilibsən, ya ac qalacağıq? Arvadı. Günortaya nə var ki, nə bişirim? Səhər Həmidə dedimki, get qəssab Bağırdan iki girvənkə nisyə ət al gətir. Deyir, vaxtım yoxdur, uşaqlarla bənövşə yığmağa gedirik, sabah may bayramıdır. Gərək guşəmizi gül və çiçəklə bəzəyək. Nə qədər dedim, ağzıma baxmadı, çıxdı getdi. Molla Zaman. Bu zamanın uşaqlarını Allah qırsın, nə ata sözünə baxırlar, nə ana sözünə. Kefləri necə istəyir elə də dolanırlar. Arvadı. A kişi, sən, nə qədər olsa, mollasan, Allahın elmindən xəbərdarsan. Bir gün oğlunu çağır yanına, ona nəsihət elə. Ona şəriətin yollarını göstər, onun üzünə ağ olanın yeri qiyamətdə cəhənnəmin isti bucağıdır. Molla Zaman. Rəhmətliyin qızı, sən də nə qoyub, nə axtarırsan! Bu zamanın uşaqlarına nəsihətmi kar elər? Danışırsan, deyir: mən səndən çox anlaykam. Sənin, deyir, siyasi savadın yoxdur. Xülasə, başımıza daş düşübdür, bu ilin sərçəsi bildirki sərçəyə civ-civ öyrədir. Bir neçə gün bundan əqdəm onu çağırıb, yanımda oturtdum, bir az nəsihət elədim. Dedim, bala, gəl sənə namaz öyrədim. Gör mənə bu fındıq boyda tülkü nə deyir? “Namaz bekar adam işidir. Mən səhərdən axşamadək işləyirəm. Mənim, gedib taqqataq başımı yerə döyməyə vaxtım yoxdur...” Bilmirəm, niyə göydən daş yağmır, niyə Allah camaatın başına od tökmür. Tamam el Allahdan üz döndəribdir. Nə namaz qılan var, nə oruc tutan var. Bir deyən yoxdur ki, axı, bu kişi molladır, Allahın elmini oxuyub, ona da bir əl uzadaq. Budur neçə ramazan gəlib keçibdir, bir quruş cibimə girməyibdir. Necə qurban keçibdir, bir bozbaşlıq ət gətirən yoxdur. Deyirlər, orucluğu, qurbanı mollalar özlərindən çıxardıblar, özlərinə mədaxil yolu düzəldiblər. Kitablarda yazırlar ki, dəccal xüruc eləyəcək. Xalq Allahdan üz döndərib dəccalın dalına düşəcək. Daha dəccalın xurcu bundan artıq olmaz ki?! Hanı o gözlədiyimiz sahibəzzaman? Gəlib bu dəccalın şərrini xalqın başından rəf eləyə. Arvadı. Hanı? Gəlsin də! Vallah, adam fikir elədikcə, əqidəsi də dönür. Molla Zaman. İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın. Arvadı. Əstəğfürullah, əstəğfürullah. Qələt elədim, dilim-ağzım qurusun. Molla Zaman. Bunlar keçəndən sonra, yenə bir de görüm, günortanın fikrini çəkibsən, ya yox? Axı bir azdan sonra acacağıq. Qız, Həmid də ac gəlib, çörək istəyəcək. Ar vad. Həmidi görüm zəhrimar yesin. Onun yediyi çörək də heyfdir... Molla Zaman. Onun xoşbəxtliyi ondadır ki, səğirdir. Kəbir olsaydı, şəriətə görə onun qətli vacib olardı. Axı heç demədin, günorta nə yeyəcəyik? Arvadı. O gün naxoş oğluna dua yazdığın arvad beş yumurta gətiribdir. Onları bişirib verərəm yeyərsən. Sabah üçün də Allah kərimdir. Molla Zaman. Yəqin ki, arvadın uşağı mənim duamın səbəbindən sağaldı. Arvadı. Yox, uşaq öldü. Amma deyir, yenə mollanın yolu boş qalmasın. Molla Zaman. Allah atasına rəhmət eləsin. (Qapı döyülür.) Gör qapını döyən kimdir. Arvadı (çıxıb baxıb, qayıdır). Gülpəri qarıdır, bir də Tarıqulunun arvadı Fatmanisə. Molla Zaman. Gəlsinlər, gəlsinlər. (Gülpəri və Fatmanisə daxil olub, salam verirlər.) Əyləşin, bacılar, xoş gəlibsiniz. Ay Fatmanisə, Tarıqulu Tovuz tərəfə hava getmişdi, gəlib çıxmadı? Gülpəri. Axund, elə onun üçün qulluğuna gəlmişik. Tarıqulu ilə gedənlər hamısı qayıdıb gəlmişlər. Deyirlər, nə bilim, Tarıqulu oradan da başqa bir yerə hava getdi. İndi külfətinin ürəyinə qara-qura gəlir. Deyir, yəqin kişinin başında bir iş var, mənə demək istəmirlər. Fatmanisə. Axund, elə səni deyib gəlmişəm. Oxuduğuna mənim bu canım qurban. Bircə Quranı aç bax, görək bu kişicik harada qaldı. Bu bir cüt corabı da ayaqlarına gey. Neyləyim, gücüm elə ona çatır. Molla Zaman. Allah qəbul eləsin, bacı, çox-çoxdur. Tarıqulu nə qədər bu bolşeviklər gəlməmişdilər bir təmiz Allah bəndəsi adam idi. Bilmirəm, ona sonra nə oldusa, birdən rəyi xarab oldu, yolundan azdı. Fatmanisə. Qurbanın olum, ay axund, mən də nə qədər çalışdım, onu yola gətirə bilmədim. Özü dindən çıxıb, məni də dindən çıxarmaq istəyir. Axır əlacım kəsilib, bir gün canımı dişimə tutub dedim: ay kişi, sən mənim balamın atası olmasaydın, bir gün də sənin evində oturmazdım. Cavabında deyir: “Səbr elə, bir az gözlə, mən deyənə gələrsən”. Molla Zaman. Bilirsən, Fatmanisə, nə var? O ki, dindən çıxıb, İndi şəriətə görə sənin kəbinin puçdur, bu saat çıxıb ərə gedə bilərsən. Fatmanisə. Başına dönüm, axund, bayaq dedim, balamın atasıdır, ona görə dustaq olub onun ocağının qırağında qalmışam. Əgər uşaq olmasaydı, onun evində bir günorta oturmazdım. Neyləyim ki... Molla Zaman. İndi deyirsən, Qurana bir istixarə eləyim, ərin gələcək ya yox? Fatmanisə. Quranına qurban olum, elə onu deyirəm. Molla Zaman (Quranı götürür, gözlərini yumub dua oxuyan adam kimi dodaqlarını tərpədir. Sonra salavat çevirib Quranı açıb oxuyur.) Nə varsa bəd gəlir. Amma yenə ümidi Allahdan üzmək yaxşı deyil. Fatmanisə. Quranda nə yazılıbdır ki? Molla Zaman. Xudavəndi-aləm belə buyurur: cibillən kəsira, əffəlləm təkunu təqulun. Gülpəri. Bay atovun evi yıxılsın, Fatmanisə, başına daş düşdü. Odur Qurandan Tarıqulunun adı da çıxdı. Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Fatmanisə. Vay, mənim başıma daş düşsün, evim yıxıldı, balam qaldı düzlərdə. İndi mən onu nə ilə saxlayacağam? Molla Zaman. Dayan bir məna eləyim. Gülpəri. Daha nə mənası? Açıq yazır ki, Tarıqulunun cibini kəsib, özünü öldürüblər. Yəqin fəqir, quldur-qaçaq əlinə keçdi, vurdular yıxdılar yerə. Dur gedək, görək başımıza nə gəlir. Fatmanisə (ayağa durur). Başımıza bundan artıq nə gələcək? Allah mənim kişimi yolundan eləyənin balalarını qırsın! Mənim kimi onu görüm əli qoynunda qalsın! Axı ona bir deyən gərək idi ki, başıdaşlının, qaragünlünün oğlu bu nə özünə udernik, zorbaçı, ya bilmirəm nə adı qoyub, bilmədiyin, tanımadığın adamların havına getməkdir? Allah, məni avara qoyanı avara qoy! Mənim bircə balamı yetim qoyanın balalarını yetim qoy! Aman! aman... (Gedir.) Arvadı. Ay kişi, Quranda nə yazılmışdı? Molla Zaman. İstixarə doğrudan bəd gəldi. Tarıqulunun başında bir xata olmasına şəkk yoxdur. Bunların da özlərinin Qurana məna vermələri çox qəribədir. Dur, arvad, gör bu corabları bir üç-dörd manata sata bilərsənmi? Bir az yeyinti al gətir. Xalqın içində belə avamların olması da bəd deyil. Yoxsa molla sinfi acından ölər. (Əllərini yuxarı götürür.) Xudaya, pərvərdigara, yaratdığın bəndələrinin fikrini özün çək, yolundan çıxmışları yoluna qaytar. Pərdə Üçüncü şəkil Fatmanisənin evi. Fatmanisə (hirsli, qapıdan daxil olur). Evin yıxılsın mənim evimi yıxan! Balaların yetim qalsın, mənim bircə balamı yetim qoyan! Yazıq kişinin beynini yedilər, apardılar başına daş saldılar. Nə qədər dedim: a kişi, getmə, dedi: olmaz! Bu da canyandırmanın axırı. Daxil olurlar: Sərəncam, Güləndam, Qızyetər, Mahpəri. Sərəncam. A Fatmanisə, bu nə bəladır sənin başına gəldi? Deyirlər Tarıqulu əlli-ayaqlı itibdir. Fatmanisə. Nə bilim, ay Sərəncam, ağlım başımdan çıxıb, heç zad anlamıram. Güləndam. Ay qız, mənim kişim də onunla bir yerdə getmişdi. And içir ki, sağ-salamat, bir havı qurtardıqdan sonra, özü-öz əli ilə kişiciyi bir ayrı hava göndərdi. Yerin adın da dedi, yadımdan çıxıbdır. Fatmanisə. Qasım İsmayılov dairəsinə? Güləndam. Hə, hə. İman yiyəsi olasan. Fatmanisə. Öz əli ilə göndərdiyini mən də bilirəm. O sözü Qurban da deyirdi. Ondan sonra başına nə gəldiyini get molladan xəbər al. Səhər sağsağan quyruğunu qapıya döndərib, qır-qır qırıldayanda bildim evim yıxılıb. Getdim, molla Qurana baxdı. Orada da yazılıbdır ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Hətta Tarıqulunun Quranda adı da var. Qızyetər. Nə danışırsan, ay balam? Quranda imam, peyğəmbər adı olar, Tarıqulunun adının Quranda nə işi var? Fatmanisə. Gülpəri qarı Allah şahididir. (Gülpəri daxil olur.) Budur, özü də gəldi. Gülpəri. Nə var? Nə xəbərdir? Fatmanisə. Ay Gülpəri, mən danışıram, inanmırlar. Gəl bunları sən inandır. Gülpəri. İmansız olum ki, özcə qulaqlarımla eşitdim. Quranda yazılmışdı ki, cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Qızyetər. Tarıqulunun adı da Quranda var idi? Gülpəri. İmansız olum ki, var idi. Molla beləcə oxudu. İflim-iflim Tarıqulu. Fatmanisə. İndi inandınız, ya yox? Sağsağana nə deyirsiniz ki, gözümlə gördüm? Güləndam. Sağsağan sınanmış bir şeydir. Mənim kişim ayda bir ya Bakıya, ya Gəncəyə, ya Tiflisə gedir. Kişi hər gələndən qabaq sağsağan gəlib qapıda qırıldayır. Qızyetər. Ay Fatmanisə, yüyürən yıxılmağına baxmaz. Get, bir həmşəri Cahanı da çağır gəlsin. O yaxşı noxud falı açır. Görək o nə deyəcək. Gülpəri. Həmşəri Cahan Qurandan çox bilir? Qızyetər. Kim deyir çox bilir? Yenə arxayınlıqdır. Fatmanisə. Mən ki kişidən əlimi üzmüşəm. Siz ki deyirsiniz, nə sözüm var, gedib həmşəri Cahanı da çağıraram. Mahpəri. Get, sən gəlincə biz də burada oturub, səni gözləyirik. (Fatmanisə gedir.) Ay canım, yanında danışmaq olmur. Bulaqdan dalımda su gətirirdim, iki kişi danışırdı. Biri deyirdi ki, lüt soyundurub, kolun dibinə atmışdılar. Yaxın kənddən gəlib, aparıb basdırdılar. Kar olum, əgər eşitmədimsə. Sərəncam. Danışanları tanımadın? Mahpəri. Bizim kəndin adamlarından deyildilər. Güləndam. Balam ölsün ki, onu mən də eşitdim. Amma bilmirəm, kim danışırdı. Öldürən olmayıb. Yolda avtomobil aşıb, başı təkərin altında qalıb əzilibdir, aparıb basdırıblar. Bu gün-sabah paltarını gətirəcəklər. Gülpəri. Molla oxudu ki, cibini kəsiblər. Güləndam. Ölənin cibini də kəsərlər, lüt də edərlər. Sərəncam. Bunların heç birisi deyil. Mən yaxşısını bilirəm. Bulağa su gətirməyə getmişdim, gördüm arvadlardan biri deyir: ay qızlar, Fatmanisənin ərinin başına gələn oyunu eşitmisinizmi? Hamı dedi, yox. Sonra arvad yenə söylədi. Bilmirəm, hansı kolxozamı hava getmişmiş, orada ora nə qədər çit, çay, qənd, iki cüt çəkmə verirlər. Cibində də pulu varmış. Qayıdıb evinə gələndə, yolda üstünə quldur düşür. Kişini soyurlar, ondan sonra da öldürüb, gətirib Qaraqurşaqlının yavuqluğunda atıb gedirlər. Qaraqurşaqlının ispolkomu onu oradaca basdırıb və tapşırıbdır ki, evinə mayın birindən sonra xəbər versinlər. Sabah mayın biridir. O birisi gün xəbərini gətirəcəklər. Deyirdi ki, bədəninə altmış-yetmiş yara vurublar. Özünü lüt soyub çılpaq qoyublar. Gülpəri. Elə molla da belə deyirdi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Sərəncam. Onu bilirəm ki, biçarə Fatmanisənin başına daş düşdü. Ölən öldü, yazıq yerdə qaldı. Yanında yeddi-səkkiz yaşında uşaq kimin qapısına gedəcək? Güləndam. Qapılara niyə gedir? Qızıl kimi əlləri var, əlindən hər bir iş gəlir, işləyib özünü də dolandırar, uşağını da. Sərəncam. Cavan gəlİndir, o tək dolanamı bilər? Adına əlli min söz qoşarlar. Gülpəri. Gülməmməd kişinin oğlu Mədəd onu bir vaxt istəyirdi. Fatmanisəni atası ona verməyib, Tarıquluya verdi. O gündən indiyədək Mədəd evlənməyir. Deyir, Fatmanisənin əri ölüncə subay oturacağam. Elə ki Tarıqulu öldü, gedib Fatmanisəni alacağam. İndi Mədəd muradına çatdı. Sərəncam. İşlər düzələcək, ortalıqda başı qapazlı qalan yetim olacaq. Fatmanisə, dalınca həmşəri Cahan daxil olurlar. Fatmanisə. Mən başıma düşən daşı yaxşı bilirəm. İndi doqqazla gedirdim, görürəm arvadlar, qıraqdan baxıb, başlarını bulayırlar. Sonra da mənə deyirlər ki, özünü toxtaq saxla. Ərinə heç zad olmaz, sağsalamat gəlib çıxacaq. Sağsağan yalan deyir? Mən min dəfə sınamışam. Deyək, sağsağan yalançıdır, mollanın Quranı da yalan deyir? Orada aydın yazıblar: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Qurana inanmayanın Allah başına daş salar. Amma yenə sizin deməyinizə görə, getdim həmşəri Cahanı gətirdim, bu da fala baxsın görək. Həmşəri Cahan. Quranın qarşısında bizim falımızın adı yoxdur. Ancaq mən bircə şey soruşacağam. Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Fatmanisavə Gülpəri. Yox, almadı. Həmşəri Cahan. Onda onun istixarəsinin düzlüyünə şəkk gətirmək olar. Güləndam. Di sən fal aç, görək. Həmşəri Cahan (cibindən bir ovuc noxud çıxarır). Bismillahi rəhmanir rəhim! Falımız faldır, falmanımız Allah! Hürü qarının əli ilə, Pəri qarının əli ilə, cin padşahının tacı xatirinə, Seyid Şəbinin cəddi xatirinə, on iki imam, yüz iyirmi dörd min peyğəmbər xatirinə, noxudlarım, sizdən doğru xəbər istəyirəm. (Noxudları əlində oynadıb yerə atır.) Biri tək düşdü, dördü də onun qarşısında hamısı burun-buruna. Birini buradan götürdüm, birini də buradan, yenə birisini buradan götürdüm, birini burdan, ikisini buradan, ikisini oradan. Bu bircə dənə tək qaldı. Qalanları çıxıb getdilər. Falı yaxşı görmürəm. Gülpəri. Daha nəyi yaxşı görəcəksən? Kişinin qabağına dörd nəfər çıxıb öldürüb, tək qoyub gedirlər. Yazıq, bədbəxt Tarıqulu. Fatmanisə. Bu da noxud falı. Buna da bir söz deyəcəksiniz? Daha nə deyirsiniz, onu da eləyim. Qızyetər. Ay qız, yenə ümidini Allahdan kəsmə. Bəlkə deyilənlər yalandır. Seyid Şəbinin ocağına bir nəzir də de. Fatmanisə. Nəziri nəyə deyəcəyəm? Seyid Şəbi mənim kişimi dirildib gətirib mənə verəcəkdir? Başıma daş düşüb, qurtarıb gedib. Qədim məyus daxil olur. Fatmanisə. Ay bala, gəldiniz? Yoldaşların da gəldilərmi? Qədim. Yox, ana. Getdik bənövşə yığmağa, uşaqlar başladılar mənə nəsihət eləməyə. Deyirlər, sənin anan avamdır, sən də avamsan, adam da, deyirlər, sağsağana inanarmı? Mən dedim ki, anam çox sınayıb, sağsağan həmişə doğru danışır. Bunun əvəzində hamısı ağız-ağıza verib, oxudular: səlli əla sağsağan, isti fətir, göy soğan. Mən də ağladım, küsdüm gəldim evə. Fatmanisə. Yaxşı elədin, bala, qayıtdın gəldin. Onların ataanaları da dinsizdir. Uşaqları da onlara baxıb dindən, məzhəbdən çıxıblar. Gülpəri. İndiki uşaqları demə. Heç birisi Allaha, peyğəmbərə inanmır. Tamam dünya dinsiz olubdur. Qızyetər. A Fatmanisə, nə olar, gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih əhval alasan. Fatmanisə. İspolkom mayın biri keçməsə, mənə xəbər verməz. Nə olubdur? Sağsağan yalan, noxud falı yalan, ispolkom doğru? Dinməz oturub evdə dərdimi ağlayacağam. (Qədimə) Bala, gəl yanıma. Acmısanmı? Qəd i m. Hə, ana, acam. Fat ma n i sə (durub taxçadan bir az pendir, çörək alıb verir). Al ye, axşama bozbaşımız var. Gülpəri. Ay arvadlar, durun gedək. Axşama az qalıbdır, inəklər naxırdan qayıdacaqlar. Sərən cam. (Fatmanisəyə). Ümidini kəsmə. G ü lən dam. Neyləməli, səbrdən başqa əlac yoxdur. Qızyetər. Bu işlər hamısı keçəndən sonra, bir səhih xəbər gəlincə özünə əziyyət vermə. Həmş ər iCa ha n. Mən də durum gedim, a Fatmanisə, axşamdır. Fa tmanisə (pul verir). Xoş gəldin. Hamı gedir. Fat ma n i sə (oğlunu qucaqlayır). Yazıq balam, atasız yetim balam! Pərdə * * * İkinci pərdə Dördüncü şəkil Kənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla bəzənmiş. Arvadlar, kişilər, uşaqlar faxir libasda gəzişirlər. Bir tərəfdə musiqi – yastı balaban çalınır. Kəndin cavanları oynayırlar. Qədim bir kənardan durub tamaşa edir. Bir qədər keçdikdə şeypur, baraban səsi eşidilir. Bir dəstə pioner nizamla gəlib meydançada toplaşırlar. Musiqi kəsilir. Komsomolçu. Yoldaşlar! Bu gün cəmi dünya proletarlarının böyük bayramıdır. Bu gün dünyanın hər yerində işçilər, kəndlilər əllərində qırmızı bayraqlar: “Yaşasın hürriyyət! Yaşasın əmək azadlığı! Yaşasın dünya inqilabı! Yaşasın beynəlmiləl!” – deyə on minlərlə, küçələrə, meydanlara çıxıb qışqırırlar. Avropa məmləkətlərində işçilər zavodçuların, fabrikantların əllərində, kəndlilər mülkədarların əllərində qul olub işləməkdədirlər. Milyonlarca işsiz qalanların bu gün bayram ocağı boşdur. Bunların hamısının ümidləri dünya inqilabında və Şu ralar İt ti f a qın d a dır. Yaşasın hamı proletarları əzabdan qurtaran dünya inqilabı! Ura!.. Camaatvəpionerlər (qışqırırlar). Ura!.. Komsomolçu (pionerlərə). Pioner yoldaşlar! Siz Vladimir İliç Leninin əziz, istəkli balalarısınız və onun yolu ilə gedən rəhbərlərin və müəllimlərin gələcəkdə əvəzisiniz. Bu rəhbərlərə layiq əvəz olmaq üçün sizə üç şey lazımdır: əvvəlinci oxumaq, ikincisi oxumaq və üçüncüsü yenə oxumaq. Bu, sizi ürəkdən sevən atanız Vladimir İliçin siz balalarına vəsiyyətidir. Yaşasın Lenin yolu ilə gedən inqilab rəhbərliyi!.. Ura!.. Pionerlərvəcamaat. Ura!.. Ura!.. Şeypur və baraban çalınır. Komsomolçu. Yaşasın sizə tərbiyə verən müəllimləriniz!.. Urra!.. Pionerlər. Urra!.. Şeypur və baraban çalınır. Birincipioner. Yoldaşlar, mənim təklifim var: gəlin səs-səsə verib, bir yaxşı nəğmə oxuyaq. Pionerlər. Oxuyaq, oxuyaq. Ura!.. Hamısı nəğmə oxuyurlar. İkincipioner (Qədimə tərəf gəlir). Qədim, kənardan niyə durub baxırsan? Niyə bizimlə nəğmə oxumursan? Qədim. Nə bilim? İkincipioner. Nə bilim bir cavab deyil. Üçüncüpioner. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Komsomolçu. Qədim, bilirsən nə var? Şuralar yolunda yüz minlərcə adamlar can qoyublar. İşçilər kapitalistlərin əlindən qurtarmaq üçün, rəiyyət bəylərin, xanların, müamiləçi hacıların, mollaların, seyidlərin, mərsiyəxanların, Dərvişlərin əllərindən qurtarmaq yolunda nə qədər qan töküblər. Sənin atanın ölümü hələ məlum deyil. Elə deyək doğrudur. O da şuralar yolunda verilən qurbanlardan biri. Sənin Şura hökuməti kimi atan var, səni atandan yaxşı saxlayacaq. Şura hökuməti onun yolunda can qoyanların külfətini başıaçıq qoymaz. Get yoldaşlarına qarış, sən də onlar ilə nəğmə oxu. Bu gün bayramdır. Oxumaq, oynamaq, gülmək günüdür, ağlamaq günü deyil. Pioner bu gün hər dərdini yaddan çıxarmalıdır. Qədim. Atam deyirdi, səni məktəbə qoyacağam. İndi məni məktəbə kim qoyacaq? Komsomolçu. Səni məktəbə də qoyacaqlar, yaxşı da oxudacaqlar. Böyüyüb müəllim olacaqsan, sən də pionerlərə dərs verəcəksən.Ondan sonra sağsağana, qarğaya, tasa, fala inanmayacaqsan. Görəcəksən ki, bunların hamısı fəqir-füqəranı tovlayıb, ciblərini kəsmək üçündür. Get, bala, get yoldaşlarınla sən də nəğmə oxu. İki pioner Qədimin qolundan tutub çəkirlər: gəl gedək! Qədim. Bir də mənə sataşıb, “səlli əla sağsağan” deməyəcəksiniz? Birincipioner. Yox, bizə yavuq gələn, bizimlə bir fikirdə olan yoldaşlara sataşmarıq. Qədim. Onda gedək. (Gedib uşaqlara qarışır.) Birincipioner. Yoldaşlar, Qədim gəldi. Daha sağsağanın quyruğunu əldən qoydu. Pionerlər. Ura!.. Ura!.. Təzədən nəğmə oxuyurlar. Komsomolçu (qabağa gəlir). Uşaqlar, nəğməni gözəlcə oxudunuz. İndi oynamaq da lazımdır. (Aşıqlara) Çalın, İndi də pionerlər oynayacaqlar. Aşıqlar çalırlar, pionerlər birbəbir oynayırlar. İkincipioner. Yoldaşlar, təklifim var. Pionerlər. Necə təklif? Nə təklif? İkincipioner. Gərək Qədim oynasın. Qəbul edənlər əllərini qaldırsınlar. (Hamı əl qaldırıb ura qışqırır.) Qəbul olundu, Qədim, keç ortalığa. Qədim. Mən oynamaq bacarmıram. İkincipioner. Olmaz, gərək oynayasan. Birincipioner (Qədimə). Özün bil, oynayırsan oyna, oynamırsan yenə “səlli əla sağsağan” oxuyacağıq. Qədim. Yox, oxumayın, oynaram. Birincipioner. Di oyna. (Aşıqlara) Aşıq, çal! Aşıqlar çalırlar. Pionerlər (Qədim oynayıb qurtardıqdan sonra). Afərin! Sağ ol! Malades! Komsomolçu (pionerlərə tərəf gəlir. Aşıqlar sakit olurlar). Uşaqlar, sizə bir qəribə nağıl söyləyim. Bizim kənddən bir kişi Tovuz dairəsində bir kolxoza buksirə getmişdi. Orada buksir qurtardıqdan sonra özünü zərbəçi elan edib Qasım İsmayılov dairəsindəki kolxozlara köməyə gedib. Buradan qayıdanda yolda üstünə quldurlar tökülüb onu öldürüblər. İndi o kişi dirilib, budur gəlir. Pionerlər. Hanı, hanı? (Qədimin atası Tarıqulunu görürlər.) Qədimin atası gəldi! Qədimin atası gəldi! Qədimin atası gəldi! Hoppanırlar. Qəd i m (atasını görüb yüyürür qabağına). Ay dədə, bəs deyirdilər səni öldürüblər? Tarıqulu. Kimin nə hünəri var sənin atanı öldürə? Onu kim deyirdi? Qəd i m. Arvadlar deyirlər. Tarıqulu. Arvadlara qalsa, adamı gündə beş dəfə öldürüb, basdırırlar. Pionerlər. Sağsağanlar xəbər gətiriblər, sağsağanlar. Tarıqulu. Gedək evə, gör sənə nə yaxşı peşkəşlər gətirmişəm. Birincipioner. Qədim, sağsağanı necə gördün? Tarıqulu. Bu nə sağsağandır? Qəd i m. Gedərik evdə bilərsən. (Yoldaşlarına) İndi mən də sizinlə bir yerdə oxuyacağam. (Oxuyurlar.) Səlli əla sağsağan, isti fətir, göy soğan! Xalq meydançada çalıb-oynamaqda davam edir. Pərdə Beşinci şəkil Tarıqulunun evi. Fatmanisə cəhrə əyirir, hərdənbir ah çəkir. Gülpəri (daxil olur). Necəsən, a Fatmanisə? Heç kişidən bir xəbər yoxdur? Fatmanisə. Kişi haradadır ki, ondan bir xəbər də gələ. Kişini aparıb harada başını əkdilərsə, Allah bilir. Kənddə, budur, hamı danışır ki, sabah onun ölüm xəbərini gətirəcəklər. Heç nahaq yerə qaldım qara günün qarasına. Əlimdə də bir yetim uşaq. Gülpəri. Deyirlər ki, onun nəşini Qaraqurşaqlıda basdırıblar. Gəlsənə oraya bir adam göndərəsən. Fatmanisə. Adamı nahaq yerə avara eləyib niyə göndərəcəyəm? Adam da gedən kişilərin biri. Hər kəsə ağzımı açıram, deyir: arvad, ayıbdır, boş sözlərə inanma. Kişinə bir şey olsaydı, biz bilərdik. Məni arxayın eləyib yola salırlar, sonra dalımca əlli min söz danışırlar. Deyirlər, qoy Tarıqulunun ölüm xəbərini hökumət özü versin. Adam göndərəcəyəm, o da gedib bir az boş-boşuna dolanıb bir yalan xəbərlə qayıdacaq. Gülpəri. Elədir, ay qız, elədir! Yazıq sənin gününə. Bir üzü qız, bir üzü gəlin, qalacaqsan bu damın altında. Kişiciyi nahaq yerə aldadıb, otundan, suyundan avara elədilər. Ay qız, hərdənbir fikir eləyirəm ki, bəlkə Tarıqulu sağdır. Sonra istiğfar eləyirəm. Nə oldu, Allahın kəlamı da, iki fal da yalan oldu? Arvadların, kişilərin hər yerdə danışıqlarına nə deyirsən? Yazıq Fatmanisə! Fatmanisə. Yazıq dedin qoydun? Yazıq günə qaldım, yamanca yerdə axşamladım. Ta rıqulu (daxil olur). Arvad, nə olubdur ki, yaman yerdə axşamlayasan? Fatmanisə ərini görüb, gözləri böyümüş halda bir az ərinin üzünə mat baxdıqdan sonra qışqırıb özünü bir küncə soxur, başlayır titrəməyə. Tarıqulu (Gülpəriyə). Ay Gülpəri, gör bu arvada nə oldu, niyə belə eləyir? Gülpəri (qışqırıb özünü o biri küncə soxur). Əstəğfürullah, əstəğfürullah! Haradan gəlibsən, oraya qayıt! Fatmanisə (titrəyir). Bismillah, bismillah! Tarıqulu (Fatmanisəyə). Dəli olmayıbsan, ay arvad, nədən qorxursan? Görmürsən ki, mənəm, Tarıquluyam?! (Qolundan tutur.) Fatmanisə (qışqırıb əlləri ilə üzünü örtür). Aman, yavuq gəlmə, yavuq gəlmə! Tarıqulu. Bu adamlar dəli olublar, nədir? Gülpəri dizləri üstündə yavaş-yavaş qapıya tərəf sürünür. Tarıqulu dönüb baxdıqda ucadan qışqırıb qapıdan çıxır. Qədim (yoldaşları ilə daxil olur). Bu qarı niyə qışqıra-qışqıra, bismillah deyə-deyə qaçdı? Tarıqulu. Bilmirəm nə işdir? Odur anan da küncə girib titrəyir, yavuğa gedəndə, qışqırıb məni qovur. Qədim və uşaqlar gülüşürlər. Birincipioner. Tarıqulu əmi, bilirsən nə var? Kənddə xəbər çıxmışdı ki, səni öldürüblər. İndi Fatmanisə xala elə bilir ki, sən xortlayıbsan. (Gülür.) Odur ki, qorxudan qaçıb divara qısılıb titrəyir. Qədim. Dədə, budur iki gündür nənəm ağlayır, mən də ona baxıb ağlayıram. Tarıqulu. Di belə söylə də! (Arvadına) Ay axmaq, dur bəri gəl. Mən də qorxdum, dedim arvadın başına hava gəlibdir, nədir? Fatmanisə (titrəyərək). Pə... pə... pə... Bəs sə... sə... səni öldürməyiblər? Tarıqulu. Ay qız, məni kim öldürə bilər? Məni öldürən hələ anasından olmamış. Mən özüm bir tək bu yumruğla dörd quldurun öhdəsindən gələrəm. Gəl, bax gör sənə, Qədimə nə yaxşı sovqatlar gətirmişəm. Sənə bir dəst paltar, Qədimə çəkmə, ondan başqa qənd, çay konfet... hər şey... Qədim. Dədə, bəs mənə pioner paltarı almadın? Birincipioner. Pioner paltarını sənə biz verəcəyik. Fatmanisə (yavaş-yavaş gəlir). Bəs hamı niyə deyirdi ki, səni öldürüblər? Tarıqulu. Qorxma, yeyin gəl. Bircə deyin görüm, mənim öldü xəbərimi sizə kim gətirdi? Qədim. Dədə, sağsağan gətirdi. Tarıqulu. Sağsağan nədir, ay bala? Qədim. Qapıda sağsağan qırıldayırdı, nənəm dedi ki, sağsağan dədənin gəldi xəbərini verir. Dur deginən: sağsağan, sağsağan, xeyir xəbər olasan, oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Mən də çıxıb, deyib qayıtdım. Anam soruşdu ki, sağsağanın başı bizə tərəf idi, yoxsa quyruğu? Dedim quyruğu. Elə onu dediyimi gördüm, iki əllərini dizlərinə çırpıb dedi: vay evim yıxıldı, yəqin kişinin başına daş düşdü. Tarıqulu. Arvad, mən sənə həmişə deyirdim ki, avamsan. Amma belə axmaq olduğunu bilmirdim. Sağsağan nədir, dəlisən, nəsən? Fatmanisə. Getdim mollaya da baxdırdım. O da dedi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Həmşəri Cahan noxud falına baxdı. O da dedi ki, dörd adam düşüb üstünə öldürüblər. Sonra da gördüm tamam kənd danışır. Tarıqulu. Kəndə də xəbər salan sənin axmaqlığındır. Nə vaxtadək sağsağana, qarğaya, noxud falına, mollanın keçə kitabına inanacaqsan? İndi görürsən ki, hamısı yalandır? Fatmanisə. Daha nə deyim? Tarıqulu. Nə sözün var, nə deyəsən? Bir vaxt var idi mən də sənin kimi kor idim. Cibkəsənlərin, qulaqkəsənlərin, fırıldaqçıların sözünə inanırdım. Sonra gözüm açıldı, doğrunu yalandan ayırdım. Budur, neçə ildir gecə-gündüz sənə deyirəm: arvad, get dərs oxu savadlan, dünyanın işlərinin yaxşı-yamanlığından xəbərdar ol. Mən dedim, mən eşitdim. Mənim nəsihətimi qoyub, getdi Gülpərinin, Mahpərinin, Şahpərinin sözlərinə baxdın. Fatmanisə. Daha sözüm yoxdur, gedib oxuyaram. Tarıqulu. Sabah da bayramdır. Ayın üçündə gedərsən qadınlar klubuna, orada başlarsan dərs oxumağa. Mən də sənin kimi savadsız idim. İndi görürsən kitab oxuyuram. “Yeni yol”, “Kəndçi” qəzeti oxuyuram. Kağız yazıram. Fatmanisə. Yaxşı, gedərəm. Kitab-dəftər al, gedim oxuyum. Tarıqulu. Sənə orada kitab da verəcəklər, dəftər də, qələm də. Hər şey verəcəklər. Eşitdin? Fatmanisə. Eşitdim. Birincipioner (Qədimə). Qədim, İndi bundan sonra sağsağan qırıldamasına, noxud falına inanacaqsanmı? Görürsənmi, bunlar hamısı yalandır. Atan sağ-salamat gəlib çıxdı, hələ sənə sovqat da gətirdi. Qədim. Tay, daha inanmaram. Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Birincipioner. İndi sən də bizimlə “səlli əla sağsağan” oxuyursanmı? Qədim. Oxuyuram. Qədim və pionerlər (oxuyurlar). Səlli əla sağsağan, isti fətir, göy soğan. Səlli əla sağsağan, isti fətir, göy soğan. Tarıqulu. Barakallah, balalarım. Yaxşı havadır, oxuyun. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-sagsagan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.