Vaveyla Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Vaveyla İki pərdəli dram İştirak edənlər FazilDərbəndininheykəli Molla Kazım – İranda falabaxan, Qafqazda mərsiyəxan. Qoca arvad Cavan oğlan Qoca kişi Molla Cabbar – İranda meymunoynadan, Qafqazda şəbihgərdan. KərbəlayiXudaverdi Əkbər – onun oğlu Əkbərinarvadı Əkbərinanası Rəsul – arif bir bir oğlan KərbəlayiQədim Bir nəfər erməni arvadı İranlı bir oğlan Mo llaQurban – İranda Dərviş, Qafqazda şəbihgərdan Şəhər əhalisi, arvad-uşaqlar * * * Birinci pərdə Pərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və kəndirin ucları Fazilin əlində. Fazil gah məclisə, gah ətrafındakılara baxır. Fazil. İsməu-ifhəmu-ya əyyühəl-qafilun. Eşidin və ayılın, ey Allahın xabi-qəflətdə uyumuş bədbəxt bəndələri! Açın gözlərinizi və kar qulaqlarınızdan pənbeyi-qəfləti kənar ediniz. Mənəm qabağınızda duran, mənəm məşəli-dini-islam, mənəm əfzəlül-üləma, mənəm Fazil Dərbəndi... (Məclisə.) Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb təzim etmirsiniz?! Fikir edin, hamınız öləcəksiniz və siz ki belə fikir dəryasına qərq olubsunuz, aya, qiyamətə nə sifətlə gəlib, günahlarınıza nə üzr gətirəcəksiniz? Huşunuzu başınıza cəm edin, tövbə qapısı həmişə açıqdır. Qorxun qiyamət əzabından, niyə sakit əyləşib etina etmirsiniz? Yoxsa günahlarınızın hesabının çoxluğu sizi mat edibdir? Qorxmayın, qorxmayın. Bir qətrə göz yaşı sizin cəmi günahlarınızı yuyub aparar. Isməu- ifhəmu-ya əyyühəl-qafilun. Mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Hər kəs ağlaya, ağlada və ya ağlayana özünü oxşada behişt ona vacibdir. Bunu mən deyirəm, mən molla ağa Fazil Dərbəndi deyirəm sizə, məhərrəm ayı yaxınlaşır, ağlayın, başınıza döyür... Sinələrinizi qara daşla əzin, başınıza saman tökün, hər nə günah etmiş olsanız, istər səğirə, istər kəbirə, hamısı bir anda bağışlanar. Baxın mənim ətrafımdakı möminlərə. (Ətrafdakılar dizləri üstə çöküb, ağlaşırlar). Budur məşhur tacir, dünyada nə arşını, nə tərəzisi düz olmayıb, peşəsi avam kəndlilərə çürük malı ikiqat qiymətə aldadıb satmaq olub, neçə yetimə qəyyum olub, mallarını yeyib... Amma, ey qəflətdə yatanlar! Ey imansızlar! Bilin, bircə dəqiqə aşura günü sidqi-dildən ağlamağına görə cəmi günahları bağışlanıb, özünə də mənimlə bir yerdə behiştdə məkan verilib. Budur, iyirmi sənə qalabəyilik etmiş. Budur, otuz il kəndxudalıq edən. Budur, məşhur qoçu ki, əlindən hesabsız qanlar tökülüb. Budur, məşhur şürbi ki, ildə on bir ay ayıq olmayıb. Bircə məhərrəm ayı içkini kənar qoyub, təziyədar olub... Görün bunları, ibrət edin. Bir bu qədər işləri görəndən sonra, yoxsa yenə inanmırsınız? Dürüst fikir edin, özünüzə, övladınıza yazığınız gəlsin. Bilin ki, bir qətrə göz yaşı nəinki sizin, hətta ata-babalarınızın da günahlarını yuyub aparır. (Ətrafdakılar yenə ağlayırlar.) Bunu mən deyirəm, mən Fazil Dərbəndi, mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Gedin, ey Allahın mömin bəndələri. (Gedir, camaat da dalınca.) Səhnənin dalından Molla Kazım əmmaməsiz, başında papaq, yanında bir qoca arvad, bir cavan oğlan və bir qoca kişi daxil olurlar. Molla Kazım daş üstə əyləşir. Molla Kazım. Hə, söyləyin görüm, dərdiniz nədir? (Arvada) Bacı, sən yavuğa gəl, (qalanlara) siz bir qədər kənara gedin, bəlkə bacının dərdi xəlvətdir. Çəkilirlər. Qocaarvad. Bəli, Qurbanın olum, mən gərək sözümü axund ağaya xəlvət deyim. Molla Kazım. Onlar getdilər, sözünü de... Qocaarvad. Molla Kazım, ayaqlarının altında ölüm, göydə Allah, yerdə sənin ətəyindən tutmuşam. Nə istəyirsən məndən al, mənim dərdimə əlac elə. Molla Kazım. Müxtəsər elə, görürsən xalq məəttəldir. Dərd bir sənin dərdin deyil. Qocaarvad. Deyirəm, sənə Qurban olum, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Üç il bundan qabaq gedib oğluma bir gəlin gətirmişəm. Necə gəlin! Bir gül parçası, bircə eybi yoxdur ki, övladı olmur. Oğlum deyir: o sənin ayağının ağırlığındandır, bunun əvəzinə gedib başqa arvad alsaydın, yəqin imdi iki uşaq atası olardım. Molla Kazım. Oğlun bu saat haradadır? Qocaarvad. Oğlum, başına dönüm, bu səhər Təbrizə yola düşdü və tapşırdı ki, əgər mən Təbrizdən qayıdıb arvadımı hamilə görməsəm, haman gün boşayacağam və səni də o qədər döyəcəyəm, bədənin qara tuluğa dönüncə. Başına dönüm, Molla Kazım, əl mənim, ətək sənin. Ya əlimi kəs, ya ətəyimi... Molla Kazım. Çox əcəb. Müalicəsi asandır. Belə arvadların çoxusunu mən müalicə etmişəm. Qocaarvad. Bilirəm, sənə canım Qurban, odur ki, ətəyindən yapışmışam. Molla Kazım. Cəmi şəhərdə bizim ocağın kəraməti məlumdur. Qocaarvad. Ocağına Qurban olum, ay ağa! Molla Kazım. Dayan. Bu axşam gəlinini gətirərsən bizim evə. Mən onun surətinə coşən-kəbir oxuyaram və bu gecə də bizim ocaqda yatar, sübh gəlib apararsan. Qabaqca səndən bir dinar belə istəmirəm. Əgər dörd aydan sonra gəlinin hamilə olduğu məlum olsa, onda mənim xələtimi gətirərsən, yoxsa olmasa, yenə bir dinar istəmirəm. Qocaarvad. Qurban olum, axund, oğlum gəlib bilsə, sümüklərimi sındırar. Molla Kazım. Ürəyinə qara fikirlər gəlməsin, arvad, ayıbdır, günahdır. Molla Qiyas ocağına şəkk gətirənin gözləri tutular. Sənin gəlinin mənim zövcəmlə bir otaqda yatacaq. Dəxi get, camaatı məəttəl eləmə. Qocaarvad. Gedirəm, başına dönüm. Bu axşam gəlinimlə gələrəm. Mən də... Mən də gəlinlə bir yerdə yata bilərəmmi? Molla Kazım. Yox, arvad, yoxsa yenə şəkk eləyirsən? Çıx get, mən gəlininə müalicə etmirəm. Qocaarvad. Acığın tutmasın, ay axund, nə deyirəm, sən buyuran olsun. Molla Kazım. Naxoşun yanında mənim zövcəmdən başqa heç kimsə ola bilməz. Çünki gecə yarısı onu həzrət Xızır əleyhissəlam yoluxacaq, o vaxt orada yad adam ola bilməz. Qocaarvad. Həzrət Xızra da Qurban olum, sənə də. Bu bir cüt corabı da sənin adına toxuyub gətirmişəm. Bunu məndən qəbul elə. Molla Kazım. Mən dedim ki, qabaqca bir dinar almaram. Dəxi sən gətiribsən, ürəyinə dəymirəm. (Corabı alır.) Əcəb corabdır. Nəzrin qəbul olsun... Qocaarvad. Dəxi mən qulluğundan mürəxxəs oluram. (Gedir.) Molla Kazım. Xoş gəldin. (Arvadın dalınca baxıb öskürür və əllərini bir-birinə sürtür, sonra qoca kişini çağırır.) A kişi, gəl görüm sənin dərdin nədir? Qocakişi (yaxına gəlir). Molla Kazım, məni Molla Qiyas Axundun qəbrinə dolandır, mənə əlac elə. Molla Kazım. Müxtəsər elə, dərdini de. Qocakişi. Axund, Allahdan gizlin deyil, səndən nə gizlin. Budur, neçə gün olar ki, bir əyal gətirmişəm. Zalım qızı hərçi edirəm üzümə baxmır. Yavığına gedəndə elə qışqırır ki, guya ki bir ilan, əjdaha görür. Bağrım çatlayır, ölürəm, məni yerdən götür. Nə də istəyirsən al... Molla Kazım. Əyalın neçə sinnindədir? Qoca kişi. Bu da lazımdır?.. Molla Kazım. Əlbəttə lazımdır, lazım olmasa soruşaram? Qocakişi. Olar bir on dörd, on beş yaşında. Molla Kazım. Bəs nə əcəb belə bir cavan qız sənə əyallığa razı olub? Qocakişi. Burasını xəbər almasanız yaxşıdır. Molla Kazım. Yox, işin hər tərəfini bilmək lazımdır. Qocakişi. Doğrusu, onu mən oğlumun adına gətirmişəm. Amma kəbini öz adıma kəsdirmişəm. İmdi gəlib görür əri oğlum deyil, mənəm. Axşamadək gözü oğlumdadır. Mən tərəfə heç baxmır. Molla Kazım. Nə lazım belə eləyirdin ki, İndi əl-ayağa düşəsən? Qız sevmişdin, gələydin mən Molla Kazımın yanına, bir dəqiqədə düzəldəydim. Qocakişi. Keçibdir, anlamamışam, Q u r b a n ın olum, əlac elə. Molla Kazım. iki tümən pul ver. Qocakişi. Al, Q u r b a n ın olum. (Verir.) Molla Kazım (bir parça kağız çıxardır). Qızın və anasının adı? Qocakişi. Qızın adı Pəricahan, anasının da adı Gülsümdür. Molla Kazım. Pəricahan zayəndeyi-Gülsüm. (Yazır.) Al, mənim qoltuğumda hər dərd üçün dua hazırdır. Elə şəxsin öz adı ilə anasının adının yerləri qoyulur. Bu duanı dilinin altında gizlədib, gedərsən əyalının yanına, əlbəttə, sənə bundan sonra məhəbbət salar. Qocakişi. Mürəxxəs olum. Allah səni bu camaata çox görməsin. Xudahafiz. (Gedir.) Molla Kazım. Xoş gəldin. (Cavan oğlana) Sən gəl görüm, dərdin nədir? (Oğlan yaxına gəlir.) Amma sözünü müxtəsər elə, vaxtım yoxdur. Cavanoğlan. Sözüm müxtəsərdir. Amma vallah, doğrusu, xəcalət çəkirəm deməyə. Molla Kazım. Sən deməsən də mən bilirəm cavanın dərdi nə olar? Yəqin qız sevmisən, o da sənə gəlmir. Cavanoğlan. Elə ona oxşayan bir işdir. Molla Kazım. Necə ona oxşayan? Müxtəsər elə, vaxtım yoxdur! Cavanoğlan. Qız deyil, gəlİndir. Ərinə artıq məhəbbəti olduğundan, mənə məhəl qoymur. Mən də od tutub yanıram. Molla Kazım. Oğlan, sənə nə düşüb özgənin əyalına təəşşüq yetirirsən? Məgər bilmirsənmi bu, günahi-kəbirə hesab olunur? Cavanoğlan. Nə eləyim, ay axund? Ürəyə əmr vermək olmaz. Göz görüb, könül sevib. Mənim nə günahım var? Hərgah macaranı başdan nağıl etsəm, doğrudan da, mənə yazığınız gələr. Molla Kazım. Müxtəsər elə, vaxtım yoxdur? Cavanoğlan. Müxtəsərmi? Beş tümən, vəssalam. Molla Kazım. Bu, ağıl kəsən və çox müxtəsər dəlildir. Qızın adı və anasının adı. Cavanoğlan. Qızın adı Mələknisa, anasının adı da Sərəncamdır. Molla xurcundan bir şüşə çıxardır. Molla Kazım. Bu şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sürtərsən. O vaxt arvad ondan nifrət edəcək və onu əsla görmək istəməyəcək. (Bir at nalı çıxardır.) Elə ki həmin yağı sürtdürdün, üç gün ondan sonra gecə yarısı ocaq qalayıb bu nalı salarsan ocağa, nal qızarantək həmin gəlin yanında olacaq. Əgər zəncirə bağlı olsa, yenə gələcək. Gəlinin adını və anasının adını bu saat bu nalın üstünə yazaram. (Yazır.) Mələknisa zayəndeyi-Sərəncam, buyur... Cavanoğlan. Çox razıyam, axund ağa, buyurun. (Pul verir.) Gələcəkdə sənə artıq qulluq edərəm. Xudahafiz.(Gedir.) Molla Kazım. Xoş gəldin! (Pulları sayır.) Bu halda səhnənin sağ tərəfindən meymunoynadan səsi gəlir. Meymunoynadan: Ay şələküm, məəlləküm, Yeri-yeri, çoban yeri, Dağları dolan, yeri, Mərhaba, oğlan, yeri, A bərəkallah, a bərəkallah. Molla Kazım (səs gələn tərəfə baxır). Paho, ay Molla Cabbar. Molla Cabbar meymunun ipini buraxıb gəlir. Molla Kazım. Oğlan, bu nə oyundur? Molla Cabbar. Qardaş, nə etməli? Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Allah bərəkət versin, üç yoldaş bir meymunun səbəbinə çörək yeyirik. Bəs sən nə işdəsən, yoxsa mayadan yeyirsən? Molla Kazım. Niyə, mən də döy-sındır dolanıram. Duadan, filandan yazıb camaatın karına gəlirəm, camaat da mənim karıma gəlir. Allahın dövlətindən nə çoxdur dünyada baş-qulaq, nə qədər istəyirsən qırx. Doğrudur, camaat bir qədər ayılana oxşayır, caduya, filana inanmırlar, amma yenə də bizə kifayət eləyən qədər tapılır. Dərviş (sol tərəfdən). Ey dust, mövlayi-mən, həzar şükür ki, tutdum təriqi-imanı, özümə fərz elədim məzhəbi-müsəlmanı. (Daxil olur.) Salaməleyküm, ağa Molla Kazım, ağa Molla Cabbar! Əhvalişərif, dimağilətif, nə əcəb siz də buradasınız? Molla Cabbar. Və əleyküsəssalam, ağayi Molla Qurban, sən də deyəsən bu lotuluqla meydana çıxıbsan, İndi də Dərvi şlik edirsən. Molla Qurban. Nə etməli? Ilin on bir ayını bekarıq, çörək lazımdır. Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun. Molla Kazım. A kişi, sənin peşən gözəl peşədir. (Molla Cabbarı göstərir.) Bu bədbəxt oğlu meymun oynatmaqla çörək qazanır. Molla Cabbar. Mən meymun oynadıb, xalqın pulunu alıb, heç olmasa, əvəzində bir tamaşa verirəm. Sən nə qayırırsan? Yalan-palan cadularla xalqın başını tovlayıb, pulunu alırsan. Molla Kazım. Əslinə baxanda biz hamımız meymunoynadanıq! Öz aramızdır, bir yad adam yoxdur. Onu söyləyin görək məhərrəm ayı yaxınlaşıb, haraya getmək lazımdır? Molla Qurban. Mənim xəyalım Gəncə-Qarabağ tərəfə getməkdir. Xeyirli, bərəkətli camaatdır, hər il oraya gedirəm və yaxşı mənfəətlə qayıdıram. Molla Kazım. Mən özümü Bakı-Lənkəran tərəfə vuracağam. Orada mənim müridlərim çoxdur. Budur neçə ədəd kağız yazıblar, məni dəvət edirlər. Molla Cabbar. Mənim əlimdən mərsiyəxanlıq gəlməz. Meymunumu, ayıb olmasın, uşaqların anasına tapşırıb, düşəcəyəm yola, gedib Şirvan tərəfdə şəbih çıxarıb dolanacağam. Bir dənə uzun bayraq, dəbilqədən, zirehdən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Özüm də çox yaxşı Yezid, İbn-Səid, Şümür və Haris şəbihləri oluram. Yoldaşlarım da məndən qalmazlar. Molla Kazım. Bəs sənin mollalıq libasın haradadır? Molla Cabbar. Budur yanımda. (Xurcunu yerə qoyub, bir dəst molla libasını çıxarır.) Bu mən! Kərbəlayı Xudaverdi (oğlu ilə daxil olur). Salaməleyküm. Mollalar. Vəəleyküməssalam-vərəhmətullah-vəbərəkatü, haradan təşrif gətiribsiniz? Kərbəlayı Xudaverdi. Oğlumla Kərbəla ziyarətinə getmişdim, İndi oradan qayıdırıq, vətənə gedəcəyik. Burada bir düşməli karvansara yoxdurmu? Molla Kazım (göstərir). Bu küçənin axırında böyük bir təmiz karvansara var, düşə bilərsiniz. Səfəriniz harayadır? Kərbəlayı Xudaverdi. Biz Azərbaycan tərəfə gedəcəyik. Məhərrəmlik yaxınlaşır, oğlumun da bir xeyir işi var. Gərək vətənə yetirib tamam edək. Allah sizin də övladınıza qismət eləsin. Molla Kazım. Allah mübarək eləsin. Biz üçümüz də o tərəfə gedirik, yoldaşlı gedərik. Kərbəlayı Xudaverdi. Tezmi yola düşəcəksiniz? Molla Kazım. Sabah saat xoşdur. Sabah, Allah qoysa, yola düşərik. Kərbəlayı Xudaverdi. Çox yaxşı olar. Elə mən də sizin qulluğunuzda gedərəm. Buyurdunuz, karvansara haradadır? Molla Kazım. Bu küçə ilə gedib, Hacı Şükür karvansarasını soruşarsınız. Kərbəlayı Xudaverdi. Xudahafiz. Allah sizin ömrünüzü uzun eləsin. Gedək, bala. Hər ikisi gedirlər. Molla Kazım. A kişi, doğru məsəldir ki, kor leyləyin yuvasını Allah öz əli ilə tikər. Budur, iki nəfər uzunqulaq keçib əlimizə. Arazı o tərəfə keçincə əlimizi cibimizə salmaycağıq! Qol-qola verib oxuyurlar: Çun gəldi məhərrəm, yenə meydan da bizimdir, Meydan da bizim, ərsədə cövlan da bizimdir. Sərsüfrədə ərbabi-naləm məhzərimizdə, Eyvaz ilə, ikram ilə dövri-bərimizdə. Min neməti əlvan düzülüb qənşərimizdə, Sövdayi-plov, şuri-çığırtma sərimizdə. Əlyovm yenə sərvəti-saman da bizİmdir… Tacir də bizim, bəy də bizim, xan da bizimdir. Əyan da bizİmdir, fərman da bizİmdir. Çün gəldi məhərrəm, yenə meydan da bizimdir. Gedirlər. Fazil Dərbəndi səhnənin dərinliyindən iki əlini uzadır. Fazil Dərbəndi. Mən bəka-öv əbka-öv tabaka vəcəbət-ləhülcənnət. Pərdə * * * İkinci pərdə Qafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır. Əkbər. Ana gəl bu ağı mənim boynuma tik. Əkbərinanası (gəlininə). A balam, gəl, özün Əkbərin boynuna ağ tik. (Gəlin əlləri titrəyə-titrəyə Əkbərin boynuna ağ tikir.) Əkbərinarvadı. Əkbər, gəl sən boynundakı ağı biç, bir yetimə bağışla. Gecə pis yuxu görmüşəm, ürəyimə qara fikirlər gəlir. Əkbər. Elə danışma, bu, imam yoludur, bu yolda xata ola bilməz. Dörd ildir qürbətdəyəm, ağköynək olmamışam, İndi gərək hamısının əvəzini çıxam. Sən bir uca yerə çıx, oradan tamaşa et, gör nə qiyamət qopardacağam. Əkbərinanası. Əkbər, nə söhbət edirsən? Əkbər. Heç, ana, gəlinin mənə ağköynək olmağı məsləhət görmür. Əkbərinanası. O səni çox istəməkdəndir. (Gəlininə) Balam, imam yoludur, burada danışmaq günahdır. Mənim oğlum necə taytuşdan geri qala bilər? Əkbər. İgid gərək özünü belə-belə yerlərdə göstərsin. (Onlardan ayrılıb, bir neçə qədəmdə Rəsula rast gəlir.) Rə sul. Sən haraya gedirsən? Əkbər. Görmürsən haraya gedirəm? Daha soruşmağın nə lüzumu? Rə sul. Görürəm haraya gedirsən, dörd il gedib dünyanı səyahət edib qayıdandan sonra, yenə ağlın başına gəlməyib. Vurdun başını yardın. Bir beş girvənkə də qanın axdı, görək nə qazanacaqsan dünya üçün və ya axirət üçün… Əkbər. Dünyada özüm üçün ad qazanaram, axirətdə behişt. Mənim danışmağa məcalım yoxdur. Təvəqqe edirəm belə günlərdə mənimlə belə söhbətləri eləməyəsən. Özgə vaxt danışarıq. İndi mənim gözlərim qızışıb, qan vurub başıma, qulağım heç bir şey eşitmir, hətta əlimdən xata da çıxa bilər. Odur Molla Kazım mərsiyəxan gəlir. Onunla danış, o məndən ağıllıdır. Budur, on beş gündür bizim evimizdə qonaqdır. İrandan mənimlə bir yerdə gəlib. On beş gündə mənə söylədiyi nəsihətlərdən sənə də desə, bəlkə sən də imana gələrsən. Sən çoxdanın bidinisən. Arvadlar və Əkbər gedirlər, bir neçə nəfər daxil olurlar. Molla Kazım. Həzərat, bilin və agah olun, hər kəs bu gün bir qətrə göz yaşı töksə, onun yetmiş yeddi min günahı olsa bağışlanar. Hamı ağlayır. Kərbəlayı Qədim (yüyürərək daxil olur). Xudaya, cəlalına şükür! İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Rə sul. Nə var, ay kərbəlayi, nə olub? Kərbəlayı Qədim. Sən çəkil kənara. İndi görərsən nə var. Molla Kazım. Kərbəlayı, nə olub? Kərbəlayı Qədim. Nə xəbər olacaq, xudavəndi-aləm bu saat öz qüdrətini bütün bidinlərə sübut etdi. Bundan sonra kafirin dili var, danışsın. Belə böyük möcüzənin qabağında görüm bir para dini, məzhəbi bəyənməyənlər, adlarını müsəlman qoyan məlunlar nə danışacaqlar və nə danışa biləcəklər?.. Molla Kazım. Bir tez de görüm nə möcüzədir? Hamı onu əhatə edir. Kərbəlayı Qədim. Yarım saat bundan əqdəm, bir nəfər erməni arvadı, on beş yaşında, anadan doğma kor oğlunu gətirib yıxdı məscidin qapısına. Dedi: ay müsəlmanların Allahı! Əgər sən haqq Allahsan, mənim bu oğlumun gözlərinə işıq ver. Fövrən uşağın gözləri açıldı, erməni arvadı haman saat dönüb müsəlman oldu. Uşağın libasını parça-parça edib camaat öz arasında qismət etdi. Pul arvadın başından dolu kimi yağır, budur, buraya gəlir. Erməni arvadı, yanında uşaq, ətrafını camaat almış, daxil olurlar. Erməniarvadı. Belə musurmanların Allahına ğurban olum. Musurmanların dininə, məzhəbinə ğurban olum. On beş ildir bu pağır uşaq kor idi, elə anadan kor gəlib. Dedim: aparıb bu şaxsey-vaxsey günü musurmanların Allahının ayağına yıxacağam, oğlumun gözlərinə şapaq versin. Budur, kor gözü gedib, yerinə şapaqlı göz gəlib. Rəsul kənardan gülür. Camaat. Xudaya, kəramətinə şükür. Sənə inanmayana min lənət, möcüzə şəkk gətirənlərə min lənət! Molla Kazım. Azançı Məşədi Səlimə deyin çıxsın minarədən minacat çəksin, ta bütün şəhər belə böyük möcüzədən xəbərdar olsun. Kərbəlayı Qədim. Məşədi Səlim çoxdan minarənin başındadır. Məgər səsini eşitmirsiniz? Molla Kazım. Həzərat, axır vaxtlarda bir para bidinlər çıxıblar ortalığa, camaatı da özləri kimi bidin eləmək istəyirlər. Deyirlər: oruc nahaq, namaz nahaqdır. İmam təziyəsi nahaqdır. Allah, filan yoxdur. İnsanı dolandıran havadır. Insanın Adəm əleyhissalamdan xəbəri yoxdur, hamı meymundan əmələ gəlibdir. Belə bidinlər haqq yoldan çıxıb camaatın da əqidəsini pozmaq istəyirlər. Mən hər il bu tərəflərə gəlirəm. İlbəil camaatın əqidəsinin gəldikcə pozğunluq tərəfinə getməyini müşahidə edirəm. Belə getsə, bütün camaat axırda bidin olub yoldan çıxacaqlar. Odur ki, xudavəndi-aləm belə möcüzələrlə o bidinlərin bətalətlərini sübut edir. İlahi, cəlalına şükür. Hamı. Xudaya, cəlalına şükür! Molla Kazım. Camaat, hər kəs qüvvəsindən nə gəlir, az-çox bu arvada ehsan edin, qəbul olası ehsandır. Camaat pul verir. Erməniarvadı. Allah sizə bərəkət versin, məzhəbinizə ğurban olum. Şəhərli (Rəsula). Sən niyə belə kənardan baxırsan? Rə sul. Möcüzəyə tamaşa edirəm, qəribə möcüzədir. Şəhərli. Ay Rəsul, sən həmişə danışırsan, İndi nə olub dilin batıb? Axır mən bu erməni arvadını tanıyıram, o da məni yaxşı tanıyır. Mən bunların kəndindən həmişə gedib toyuq-cücə, yumurta alıram. Vallah, bunun kor oğlu yoxdur. Bu uşağın özünü də həmişə qapıda görürdüm ki, oynayır. Kor, filan da deyildi. Danışmaq yeri indidir. Rə sul. Bu halda belə başların hansını inandırmaq olar? Gözlər qanla dolub, beyin qızışıb, çox danışarsan vurub cəmdəyini yıxarlar yerə. Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Erməni arvadı da bu kələklə meydana çıxıb. Kasıb arvaddı, qoy puldan-zaddan versinlər, aparıb qapısına bir-iki öküzdən-inəkdən alsın. Erməni arvadı ilə Molla Kazımın heç təfavütü yoxdur. Vaxtında bu qoyun kimi camaat xeyir-şərrini gözəlcə anlayacaq. Bu erməni arvadını tək sən tanımırsan, səndən də savayı tanıyan çoxdur. Amma danışmağa qorxurlar, çünki mövqe müsaid deyil, vaxtı deyil. (Erməni arvadı camaatdan uzaqlaşır.) Getdi qulaq kəsməyə, aybı yoxdur. Kərbəlayı Xudaverdi (başına döyə-döyə). Evimi yıxan oğlum vay! Məni qoca vaxtımda düzlərdə qoyan oğlum vay! Belimi sındiran oğlum vay! Gözümün işığı, qolumun qüvvəti oğlum vay!.. Molla Kazım. Ay Kərbəlayı Xudaverdi, nə vaqe olub? Kərbəlayı Xudaverdi. Nə olacaq? Gözümün ağı-qarası bircə oğlum əlimdən getdi. Molla Kazım. Ağlama, Kərbəlayı Xudaverdi, günahdır. Sənin oğlun bu saat cənnəti-əlada məqam tutub. Belə ölümü hamı gərək arzu eləsin, ağlama… Kərbəlayı Xudaverdi. Mənim evimi yıxan sən Molla Kazımsan! Allah sənin evini yıxsın! Səni də mənim kimi əli qoynunda balasız qoysun! Budur, iki həftədir gecə-gündüz oğlumun başını doldurdun. Bir ucdan dedin: hər kəs bu yolda özünü şəhid eləsə, yeri, bisual, cənnətdir. İndi mən qoca atasını, qoca anasını, cavan, on beş günlük övrətini kim saxlayacaq? Allah sənin evini yıxsın! (Gedir.) Əkbərinanası. Hanı mənim oğlumun qanlısı? Hanı o insafsız, mürüvvətsiz? Ala gözlü balam vay! (Molla Kazımı görür.) Molla Kazım. Bacı, nahaq yerə özünü günaha batırma. Allah bizim hamımıza elə bir ölüm qismət eləsin. Oğlun bu saat behiştdə əyləşib, sənin və atasının günahını bağışlamağı istirham edir. Əkbərinanası. Toyu yasa dönən balam vay! Allah, məni oğulsuz qoyanı oğulsuz qoy! Rə sul. Bu da mövhumat Qurbanı! Birnəfərşəhərli. Üç nəfər də yenə öldü. Biri Hacı Vəlinin oğlu, biri Kərbəlayı Namazın oğlu Əsəd, biri də Hacı Qəmbərin oğlu Bəşir. Üç nəfər başlarına döyə-döyə yüyürürlər. Rə sul. Bu da üç Qurban. Molla Kazım. Hamısının ruhu bu dəmdə cənnətdədir. Birnəfəriranlı (daxil olur). Həzərat, burada Molla Kazım kimdir? Molla Kazım. Mənəm, nə buyurursan? İranlı. Sənmisən o məlun, bidin lotu? Mən sənin sorağını kəndbəkənd, şəhərbəşəhər alıb, gəlib burada tapmışam. Çox yaxşı əlimə keçibsən. İndi sənin kim olduğunu camaata bildirrəm! Molla Kazım. Məlun, küfr danışma! Üləma üzünə ağ olanın yeri cəhənnəmdir! İranlı. Alim sənmisən, qırışmal?! Həzərat, tanıyın bunu, bu Molla Kazım deyilən bizim şəhərdə gəlib əyləşib arvadlara cadu yazırdı. Uşağı olmayan arvadları gətirib evinə yatırdıb, onlara əl atırdı. İstəyirdi bu oyunu mənim də arvadımın başına gətirsin. Amma yaxası və saqqalı namuslu arvad əlinə keçdi. Mən bunun necə lazımdır qulluğun edəcəyəm. Amma siz də bilin, mərsiyəxan sifəti ilə gəlib sizi tovlayıb, pulunuzu alan lotular İranda çoxdur! Molla Kazım. Həzərat, bu, babıdır, yalançıdır. Bunun sözünə inanmayın! İranlı. Yalançı mən deyiləm, sənsən. Fikir edin, həzərat, heç bir cavan, ürəyi yanmasa, gəlib camaat arasında öz arvadının söhbətini edərmi? Görün bu ləin vücud məni necə oda yaxıb? Rə sul. Həzərat, bu oğlan yalançı deyil. Mən hər vaxt sizə deyəndə bir para lotulara inanıb malınızı, pulunuzu çöllərə dağıtmayın, mənə kafir dediniz. Budur, bu gün dörd cavan, əcəlsiz, dünyadan getdi. Onların anabacıları, əyalları sahibsiz qaldılar. İndi görək Molla Kazım onlara çörək verəcəkmi? Bunlar sizə deyirlər ki, bu yolda ölən şəhid zümrəsindən olurlar. Elə isə bəs bunlar özləri niyə başlarını çapmırlar? Fikir edin bircə, heç bir molla ağköynək olub, başını yardığını görən varmı? Səbəb nədir? Camaatdanbiri. Doğrudan da, heç molladan, mərsiyəxandan ağköynək, baş yaran, zəncir vuran görməmişəm! Rə sul. İndi ki görməyibsiniz, bilin ki, bu əməl yaxşı olsa, qabaqca mollalar gedər. Bunlar ancaq mövhumatları özləri üçün mədaxil yolu qayırıblar. Camaatın başını doldurub, kənardan tamaşa etməklə ləzzət aparırlar. İnanmayın, camaat, belə adamlara. Gedin sənət dalınca, elm dalınca, ta bir işığa çıxasınız! O guya kor uşaq ki, erməni arvadı gəzdirirdi, onu bu şəhərdə çox adam tanıyır. Mənim bir yaxşı dostum bu saat mənə dedi ki, o erməni arvadını ildə bir otuz dəfə görür və özünü də tanıyır. Onun oğlu kor deyil. Deyir: burada onu tanıyan çoxdu, danışmağa qorxurlar. Neçənəfərcamaatdan (ürəklə). Mən də tanıyıram. Rə sul. Budur, eşidin, ağlınızı başınıza cəm edin! Molla Kazımlardan özünüzü qoruyunuz. İr anlı (istehza ilə). İndi, cənab axund Molla Kazım, zəhmət çək gedək söhbətə! Molla Kazım. Oğlan, əl çək məndən! İranlı. Hələ sənə əl vurmamışam ki, əl çəkim. Bir qədər əlim dəyəndən sonra əl çəkərəm. Buyur, zəhmət çək! (Bir-iki dəfə boynuna vurub aparır.) Camaat mat-mütəhəyyir onların dalınca gedirlər. Neçə ədəd meyit səhnədən keçirib aparırlar. Meyitlərin dalınca arvad-uşaq ağlayaraq gedirlər. Səhnədalındansəs. Mən bəka-öv əbka-öv təbaka vəcabətləhülcənnət... * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-vaveyla İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.