Yeyərsən qaz ətini, görərsən ləzzətini Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Yeyərsən qaz ətini, görərsən ləzzətini Keyfiyyəti-qəribədir ki, üç məclisdə tamam olur Əfradi-əhli-məclis HacıMehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – onun qardaşı, 45 yaşında Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Heydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qoca arvad, elçi, 50 yaşında Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında Əhvalat vaqe olur Qarabağ vilayətində. İkinci məclis ilə üçüncü məclisin arasından dörd il keçir. * * * Əvvəlinci məclis Hacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı müqabildə. Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında. Bir azdan sonra başın qalxızıb üzünü tutur qapıya, nökəri çağırır. Hacı Mehdi. Ay gədə, Qiyas! Nökər (daxil olur). Nə buyurursan, ağa? Hacı Mehdi. Mirzə Heydəri gedib gördünmü? Necə cavabgətirdin? Nökər. Ağa, Mirzə Heydər neçə vaxtdır gəlib, buradadır. Əgər istəyirsən bu saat çağırım gəlsin. Hacı Mehdi. Ay namərbud, neçə vaxtdır gəlib, niyə mənə xəbər verməyibsən? Nə qayırırdın? Hansı cəhənnəmə getmişdin? Nökər. Ağa, dəxi niyə acığın tutur, aşpaz övrət göndərmişdi bazara, dolmadan ötrü kələm almağa. Hacı Mehdi. Yaxşı, bazara getməmişdən gəlib mənə deyə bilməzdin, heyvan? Kişi iki saatdır gəlib müntəzirdir. Itil gözümün qabağından! Nökər (öz-özünə söylənir). Erməniyə koxa dedilər, çuxasını özgəyə götürtdü. İndi buna da ağa dedilər, qudurdu. Hacı Mehdi. Dodağının altında danışma. Çağır gəlsin! (Nökər gedir.) Bu nökər bilmərrə məni təngə gətirdi. Həqiqət buğda çörəyi qarın deşən olur deyirlər, doğru imiş. Mirzə Heydər (daxil olur). Səlaməleyküm. Hacı Mehdi. Ələykəssəlam, Mirzə! Buyur, buyur əyləş. (Mirzə əyləşir.) Əhvalın necədir, Mirzə? Heç görünməyirsən? Mirzə Heydər. Bəndə, nə vaxt buyursanız, qulluğunuzda hazıram. Hacı Mehdi. Gərək mirzə, bağışlayasan, nökər səni incidib. Çoxdan gəlibsən, mənə heç xəbər etməyib. Mirzə Heydər. Xeyr, hacı. Bu nə sözdür buyurursunuz? Bəndə həmişə sizin müxlüsünüz varam. Mənim üçün belə zəhmətlər çox rahatlıqdır. Hacı Mehdi. Çox razıyam. Amma gərək genə bağışlayasan, zəhmət vermişəm. Mirzə Heydər. Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz? Hacı Mehdi. Bilirsən, mirzə, sənə nə üçün zəhmət vermişəm? Mirzə Heydər. Xeyr, hacı ağa, buyurun görək. Hacı Mehdi. Bir təvəqqəm var, mirzə, qorxuram əmələ gətirə bilməyəsən. Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz? Hacı Mehdi. Di onda qulaq as deyim. Mirzə Heydər. Bəli, buyurun, hacı ağa. Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm evə necə gəldim çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım. Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə ərdədir? Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, İmdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm. Mirzə Heydər (əlini aparır alnına və bir az fikrə gedir). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırsın, görək nə tövr edərik. Hacı Mehdi (üzünü tutur qapıya). Ay gədə, Qiyas! (Qiyas daxil olur.) Get Gülpəri qarıya deyilən ağam səni çağırır, səninlə işi var, tez deyilən gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (Nökər gedir.) Yaxşı, mirzə, İndi fikrin nədir? Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki! Hacı Mehdi. Nədir o zad, de görüm. Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır? Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil. Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi dedim, hər nə buyurursunuz yerinə yetirrəm. Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var işlət. Gülpəri (daxil olur). Salaməleyküm, hacı qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var? Hacı Mehdi. Gəl otur, İndi görərsən nə qulluğum var. Qulluğum çoxdur. (Gülpəri əyləşir qapının ağzında. Hacı üzünü tutur mirzəyə) Bu da Gülpəri! Mirzə Heydər (əlini salıb cibinə, kağız, qələmdam çıxarır). Hacı, hərçənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız. Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör. Mirzə Heydər. (Gülpəriyə). Gülpəri, bilirsən, hacı istəyir qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işİndir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək. Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç İndiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?! Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz. Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər. Gülpəri. De görüm nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən? Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən İndi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr gedər. Di İmdi səbr elə, duaları yazım. (Başlayır yazmağa.) Gülpəri. Yaxşı, yaz görək necə olar. Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin. Gülpəri (pulu alır). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqe edəcəyəm. Hacı Mehdi. Nədi, de görüm? Gülpəri. Mənim kiçik oğlum evdə bekar oturub. Xahiş edirəm ki, onu götürüm burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam. Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır. Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (Gülpəri gəlir mirzənin yanına) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də itpişik tükü ilə basdırarsan qəssabın darvazasının ağzında. Bunu da... Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun? Mirzə Heydər. Yox, pişik hər rəng olsa olsun, ancaq pişik olsun. Bunu da... Gülpəri. Dedim birdən deyərsən pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi hardan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram. Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü? Gülpəri. Niyə başa düşmədim, a başına dönüm? Mirzə Heydər. Bax, dəyişik salmayasan, hər birin öz yerinə qoy. Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki. Mirzə Heydər. Di get. Gülpəri istəyir getsin. Hacı Mehdi. Amma, Gülpəri, bax, dəxi mən demirəm nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə. Gülpəri. Ay hacı, başına dönüm, mənim saçım elə elçilikdə ağarıb. Əlli min tülkü fəndi bilirəm, hamısını salaram işə. Ancaq bizim gədəni bir tövr qoy. Hacı Mehdi. Sən arxayın ol. Ancaq sən işi düzəlt, hamısı asandır. (Gülpəri gedir.) İndi, mirzə, sənin dualarının təsirini görək. Mirzə Heydər. Hacı, siz heç mənim dualarıma şəkk gətirməyin. Bu dualar ki mən yazmışam, həzrət Süleyman Ələyhüssəlamın dualarıdır. Çox mücərrəb dualardır. Mənim mərhum atam, Allah ölənlərinizə rəhmət eləsin, bu duaların şəninə məşhur olmuşdu. Hər şənbə və çərşənbə günləri atamın qapısı dönərdi xan, bəy qapısına. Arvad, uşaq sübhdən ta axşamacan qapıdan getməyirdi, hərəsinin bir dərdinə əlac edirdi. Birisi gəlirdi: molla, başına dönüm, aman günüdür, anam çala üstədir, işi çətinə düşüb. Görürdün bir dua yazdı verdi. Bax elə suya salıb, naxoşa içirdən kimi bari-həmlini qoyurdu yerə. Məsələn, birisi neçə ildir ki, gedib ərə, övladı olmayır. Gəlirdi atamın yanına: molla, başına dönüm, mənə bir əlac elə. Atam rəhmətlik döşün açıb, ürəyindən aşağı, burasına bir dua yazardı (əlilə göstərir), bir ildən sonra görürdün bir xələt götürüb gəlib, razılıq eləyir ki, molla, Allah sənin atana rəhmət eləsin, bu uşaq sənin duanın bərəkətindən olub. Mənim rəhmətlik atam az adamın fəryadına yetməyib. Cəmi aləm ona rəhmət oxuyur. Birisi dara düşəndə görürsən deyir, ax, Allah sənə rəhmət eləsin, ay Molla Zaman, mağul xalqın dadına yetirdin. Hacı Mehdi. Tanıyıram, ay mirzə! Mirzə Heydər. İmdi atam ölüb, Allah dünyadan gedənlərinizə rəhmət eləsin. Onun kitabları keçib mənim əlimə. Mən də belə çağçuqla, Allaha şükür, sizin dövlətinizdən beş-on şahı qazanıb, sizing kimi adamların kölgəsində dolanıb, zindəganlıq edirəm. Hacı Mehdi. Bilirəm nə deyirsən, sənin danışmağın artıqdır. Səni elə razı edərəm, necə ki, sənin məramındı. Ala, qabaqca sənə bir az xərclik verim, apar ver ətə-zada. (Əlini salır cibinə, istəyir pul versin. Bu halda Hacı Mehdinin qardaşı Ələsgər daxil olur.) Ələsgər. Ay Hacı Mehdi, dəli olubsan nədir? Saqqalının ağ vaxtında bu nə işdir tutursan? Ağlın başından çıxıbdır, nədir? (Üzünü tutur Mirzə Heydərə) A kişi, sənin burada nə işin var? Çıxıb getsənə göbək yazmağın dalınca! Adam tapmayırsan başına ip salıb oynatmağa! Dur buradan, xəbis! Mirzə Heydər. Ay ağa Ələsgər, dəxi nə üçün acıqlanırsan? Mən öz başıma gəlməmişəm ki! Məni də çağİran var ki, gəlmişəm də! Ələsgər. Çox danışıb səni bura çağİran, səninlə belə! Dur buradan! Mirzə istəyir dursun. Hacı Mehdi. Mirzə, əyləş. Onun nəyinə qulaq asırsan? Onun hərdənbir cini tutur. (Üzünü tutur Ələsgərə) Balam, dəli olmayıbsan ki? Utanmırsan, özündən böyük qardaşının bir hörmətini saxla. Ağlın başından çıxıb, nədir? Bir de görüm nə deyirsən? Mən sənin bu çığırmağında heç bir şey başa düşə bilmirəm. Ələsgər. Mənim ağlım başımdadır. Amma sənin ağlın, bir para işin, hərəkətin məni dəli eləyib. Hacı Mehdi. A balam, nə danışırsan, bir əməlli danış görüm, nə deyirsən? Ələsgər. Bircə de görüm Gülpəri qarı burada nə qayırırdı? Hacı Mehdi. Sənin nə borcundur nə qayırırdı? Gülpəri bir qarıdır, həmişə buralara gələr-gedər, genə gəlmişdi. Ələsgər. Qardaş, sən mənim başımı tovlaya bilməzsən. Mən də dünyada bir iyirmiyədək say bilirəm. Elə bilirsən ki, bir ağıllı sənsən. Əhvalatın hamısını mənə tamam-kamal nəql ediblər. Bax, bircə qulaq ver, gör nə deyirəm. Sən mənim adımı, doğrudur, dəli qoydun, amma dünyanın cəmi işi belə düşüb ki, hər kəs doğru söz danışsa, xalqın gözünə pis görünər və adını da qoyarlar dəli. İndi, qardaş, sən osmanlı davasında bir az mal satmaq ilə pul qazanıbsan. Allaha şükür, heç kəsə ehtiyacın yoxdur, ta bir parça çörəyin var, öz külfətin ilə yeyib, rahat dünyada baş saxlayırsan. Mən də sənin kasıb qardaşınam. Hərçənd səndən bir təmənnam yoxdur. Sənin kölgəndə çərçilik-zad ilə dolanıram. Amma sən istəyirsən öz halal çörəyin burnundan tökülsün. Axır sən neyləyirsən iki arvadı? Allaha şükür, yaxşı arvadın, üç-dörd uşağın var. Dəxi bu nə işdir? Hacı Mehdi. A gədə, sən mənə ağıl öyrətmə, mən öz işimi yaxşı bilirəm. Sən get bazara çərçiliyini elə. Sənin mənim işimə qarışmağın nahaqdır. Ələsgər. Qardaş, sən mənim çərçiliyimə rişxənd edirsən, heç eybi yoxdur. Amma bir vaxt olar, mən də gəlib deyərəm: qardaş, kefin necədir? O vaxt qorxuram başını yuxarı götürə bilməyəsən. (Mirzəyə) Allah sənin evini yıxsın, sən bu biçarəni yoldan çıxarmısan. Bu saat sənin ciyərini çıxardaram. Amma genə böyük qardaş yanında həya eyləyirəm. Əgər bayıra çıxarsan, mən billəm nə elərəm. And olsun Allaha, sənin başına bir oyun gətirəcəm ki, anadan əmdiyin süd burnundan gəlsin. Mirzə Heydər. Ay başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə el anasıyam, sən çağırırsan sənin işini görürəm, o çağırır onun, bu çağırır bunun işini görürəm. Ələsgər. Az danış, biiman. Dur buradan sağ-salamat, əlim sənə dəyməmiş çıx bayıra. Yoxsa səni bir el anası qayıraram ki, gəldiyin yolu azarsan, müftəxor! Hacı Mehdi. Ay qardaş, sənə bayaq dedim ki, get, çərçilik ilə, istiot, zəncəfil sat. (Mirzəyə) Mirzə, sən buna qulaq asma, dəlidir bu... Mirzə Heydər. Ay başına dönüm, elə ondan qorxuram ki, küçədəzadda məni biabır eləyə, yoxsa mən bilirəm ki, bu... Ələsgər. Qardaş, İndi sənin beynin qızıbdır, özünü itiribsən. Amma, bax, bir sözdü sənə deyib gedirəm, yadında saxla. Elə ki ikinci arvadı alıb gətirdin, bir gün olar hərəsi bir tərəfdən ağızlarını açıb ac qurd kimi səni yeyərlər, sonra düşərsən məndən pis günə. İndi mən gedirəm. Sən bu mirzə Heydər imansızla nə qayıracaqsınız qayırın, amma yeyərsən qaz ətini, görərsən ləzzətini. (Gedir.) Hacı Mehdi. Dəxi çox boş danışma, get, get. (Mirzəyə) A kişi, dəli əlinə düşmüşəm də. Gündə gəlir çığırır, bağırır, gedir. Mirzə Heydər. Hacı, sən elə ona tapşır ki, mənə küçədə-zadda bir söz deməsin. Yoxsa mənim bir az camaat içində hörmətim var, onu da tökər yerə, sonra biabır ollam. Hacı Mehdi. Arxayın ol, mirzə. Mən ona qulaqburması verrəm... Hə, yaxşı yadıma düşdü. Ala, bir az sənə cibxərcliyi verim. Allah qoysa, elə ki iş düzəldi, sənə bir yaxşı xələt verəcəyəm. (Pulu verir.) Mirzə Heydər (pulu alır). Evin abad olsun, hacı. Allah oğlanlarını saxlasın. Mən də gedim, axşamdır, bazara, bir az ətdən-zaddan alım aparım evə, qulbeçələr üçün. Xudahafiz. Hacı Mehdi. Xudahafiz, mirzə, xoş gəldin, bağışla, sizə zəhmət verdim. Mirzə Heydər. Xeyr, hacı ağa, mən həmişə sizin nökərinizəm. (Gedir.) Hacı Mehdi (tək). Çox yaxşı. İndi görək iş necə olacaq? Elə ki mirzə öz dualarını tərif edirdi, dəxi lap yəqin düzələcək. Gülpəri də öz işində mahirdir. Ümid hər ikisinə var. (Nökəri çağırır.) Ay gədə, Qiyas! Qiyas! (Nökər daxil olur). Gəl qalyanı apar suyunu dəyiş, bir yaxşı doldur, gətir. (Nökər qalyanı götürüb gedir.) Amma gərək arvad isti sudan gələnə kimi işi tamam eyləyim, gəlib görsün iş-işdən keçib, məgər bir az qeylü-qal eylər, oturar yerində. Elə ki bir az çox danışdı, o tatarı, o onun canı. Bir-iki vurram, səsini kəsər. Pərdə * * * İkinci məclis Həmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır. Hacı Mehdi (tək). A kişilər, bu ikiarvadlılıq nə yaman şey imiş. Allah harada iki övrətlilər var, hamısının evini yıxsın, hamısını mənim kökümə salsın. Övrət gətirmədim, canıma bir od gətirdim. Axşama kimi dava-şava. Yediyim çörək də bu bihəyaların əlindən boğazıma getməyir. (Sənəm, Hacı Mehdinin əvvəlinci övrəti, daxil olur.) Genə nə var qaşqabağını tökübsən? Niyə qoymursunuz bu dünyada bir parça zəhrimar çörəyi rahat yeyək, beş vaxt namazımızı qılıb oturaq. Axı bu nə qalmağaldır? Səsiniz tamam qonşuları az qalıb köçürtsün. Ay Allah sizə nələt eləsin? Sənəm. A kişi, mən haçan qalmaqal elədim? Hacı Mehdi. İş gör nə məqama çatıb ki, dünən qonşumuz Kərbəlayı Rəcəb çıxıb qabağıma, deyir bəs filani, arvadım naxoşdur, çox bədhaldır. Gedib rus həkimi gətirmişəm. Buyurub ki, qoymayın küy-kələk olsun. Mən evdə uşaqlara qədağan eləmişəm, səslərin çıxartmasınlar. Amma sənin evinin hay-küyü azarlının aramını kəsib. Allah xatirinə, əgər mümkün olsa, evdə deyinən az qışqırsınlar. Ay bihəyalar, ayıb deyilmi? Axır mən belə sözlər eşidəndə əriyib ölürəm. Ay eviniz yıxılsın, bir həyanız olsun, bir abrınız olsun. Yenə it olub düşmüsünüz biri-birinizin canına! Sənəm. Ay kişi, vallah mənim səsim çıxmayıb. Dünən balaca uşaq gedib Güllünün bir yumaq sapını anlamayıb götürüb, aparıb uşaqlar ilə at-at oynayırlarmış. Bir də gördüm, uşağa elə qarğış eləyir ki, yer-göy titrəyir. Deyir səni görüm bədəninə o yumaq boyda yara çıxsın. Mən də peşman oldum dedim: niyə uşağa qarğış eyləyirsən, gəl bir yumaq sapını verim. Elə onu dediyimi gördüm, özüm də peşman oldum. Elə bil ayıya dəyirmançı dedilər. Urus barıtı kimi elə partladı, Dəxi nə deyim? Hər nə ağzına gəldi dedi mənə. dəxi məndə təqsir var? Istəyirsən hər kəsdən soruş, mən də lam-cim oturdum yerimdə. Niyə işin həqiqətinə getməmiş məni söyürsən? Hacı Mehdi. Heç arvadın dilini bilmək olmaz! Birinə deyirsən günah səndədir, atır o birisinin boynuna. O birisinə deyirsən, o da həmçinin. Dəxi lap naçar qalmışam, bilmirəm nə tövr eləyim, başıma nə çarə qılım. Sənəm. Bircə de görüm bu səs-küy, dava, qalmaqal qabaqlar niyə yox idi?! Kefin qalxdı, getdin bu ağsaqqal vaxtında təzə arvad aldın, arvad-uşağın ola-ola. Bircə de görüm mən sənə nə eləmişdim? Məndə nə yamanlıq gördün ki, getdin mənim üstümə günü gətirdin? Həm özünü biabır elədin, həm də mənim günümü qara. Hacı Mehdi. Dəxi yaxşı, bəsdir danışdın. Itil cəhənnəmə, başımdan açıl, ovqatımı təlx eləmə. İndi hərə gəlib mənə bir nəsihətçi olacaq. Sənəm. Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur? Hacı Mehdi. Sənə deyirəm baş-beynimi aparma, itil buradan, rədd ol! (Sənəm gedir.) Allah sizin kökünüzü yerdən qazısın. Gedim yıxılım yatım, bəlkə bir az bunların qalmağalından qulağım dincələ. Hacı gedir o biri otağa. Məclis qalır boş. Bir az vaxtdan sonra Hacı Mehdinin ikinci övrəti Güllü, dalınca Mirzə Heydər sol tərəfdən çıxırlar. Güllü. Mirzə, buyur içəri. Mirzə Heydər. Ay başına dönüm, xanım, hacı birdən gələr, məni burada görər, sonra dərimə saman təpər. Güllü. Qorxma, irəli gəl. Hacı çoxdan yatıb o yanda. Hacı elə bərk yatır ki, elə bil bir daşdır. Hərgah ayağına bir ip salıb sürüyəsən oyanmaz. Bəri gəl, qorxma. (Mirzə gəlir otağın ortasına) Bax, Mirzə, hərgah bu işdə mənə kömək eləsən, mən bilirəm ki, səni nə cür razı eləyəcəyəm. Bax, bir yaxşı tumanlıq Məşədi Imandan alıb arvadına bağışlayaram və özünü də hər tövr sənin razılığındır, elə razı edərəm. Mirzə Heydər. Xanım, sənin sağlığın mənə puldan da, maldan da, bəlkə mənim canımdan da artıqdır. Nə buyurursan? Mənə sənin peşkəşin lazım deyil. Təki sən sağ ol, sənin işin düzəlsin, sonra hamısı yola gedər. İndi, xanım, başına dönüm, tez ol, hər tövr dua buyurursan de, yazım. Birdən hacı gələr, sonra mənim nəfəsimi kəsər. Güllü. Qorxma, hacı daş kimi yatıb, işini arxayın tut. Bax, mirzə, dəxi utanmaq yeri deyil, gərək işin hamısını sənə açıb deyəm. Mirzə Heydər. Əlbəttə, gərək məndən heç bir şey gizlətməyəsən. Çünki biz məhrəmik, necə ki, övrət öz sirrin ərinə, qardaşına, oğluna açar, deyər, bizdən də gərək gizlətməsin. Çünki gizlətsə duanın bilmərrə əsəri olmaz. Güllü. Bilirəm a! Bax, hacı məni hərçənd təzə gətirib və təzə övrətin də hörməti, görmüşük, bir az kişinin yanında artıq olur. Amma hacı heç bilmir mən nəyəm. Məni Allah yaradıbdır, ya dəmirçi döyübdür. İndi bax, başına dönüm, mirzə, gör bir tövr eləyə bilərsənmi kişi heç olmasa mənə də bir yaxşı göz ilə baxsın. Mirzə Heydər. A xanım, belə işlər mənim əlimdə su kimidir. Bir dua yazaram, hacı əvvəlki arvadından bilmərrə soyuyar və cəmi məhəbbətini salar sənə. Amma belə duaların xərci bir az artıq olur. Əvvəla, gərək bir sarı toyuq ola, ancaq yumurtlamamış gərək olsun və bir para da dava gərək bazardan alınsın ki, həb qayırılsın, o toyuğa üç gün verim yesin. Üç gündən sonra haman toyuğu kəsəm, onun qanı ilə dua yazam. Güllü. Yaxşı, İndi sarı toyuğu biz burada hardan tapaq? Mirzə Heydər. Ay xanım, sən mənə pul ver, mən bazardan sarı toyuq alım aparım evə. Üç gündən sonra nökərini göndərərsən gələr, duanı aparar. Güllü. İndi mən sənə nə qədər pul versəm bəsdir? Mirzə Heydər (məkr edib barmağı ilə hesab edir). Davanın xərci bir az çoxdur və toyuq da alacağam. Xülasə, bir beş manat versən, bir sayaq elərəm. Güllü. Yaxşı, o duanı yazdın göndərdin, bəs mən onu hacıya necə verim? Mirzə Heydər. Bax, əvvəl duanı salarsan suyun içinə, bir az çarxalarsan. O dua suyun içində təmizlənər, sonra verərsən hacıya, içər. Onda görərsən ki, yavaş-yavaş hacı əvvəlki arvadından bilmərrə soyudu. Hələ mənim çox gümanım var, əvvəlki arvadı boşasın. Güllü. Ay mirzə, bəlkə toyuğun qanı suyun rəngini dəyişdi, sonra hacı duydu, onda necə olsun? Mirzə Heydər. Ay xanım, a başına dönüm, mən dua yazacağam, mən dəxi dua yerinə bizim Nadir şahın əhvalını yazmayacağam ki. Belə bir parça kağızın üstündə üç-dörd söz yazacağam. Salarsan bir yekə cam suyun içinə, heç məlum eləməz. Elə ki hacı gecə yarı oyandı, su istədi, onda verərsən içər, heç bilməz. Güllü. Çox yaxşı, onda gedib sənə pul gətirim, toyuq deyirsən, nə deyirsən, al. (Güllü gedir. Sənəm daxil olur.) Sənəm. A kişi, yenə burada nə qayırırsan? Sənin ayağın məgər bu evdən kəsilməyəcək?! Aləmin evini yıxıbsan, bəs deyil?! İndi bura gəlib, yenə iş görürsən? Ay Allah sənin evini yıxsın! Bir müddət gəldin-getdin, kişinin beynini yedin, mənim də günümü qara elədin, Allah sənin gününü qara eləsin! Əlimlə verdiyim duz-çörək sənin gözündən gəlsin! İndi nə var, yenə niyə gəlibsən? Mirzə Heydər. Xanım, başına dönüm, bir işə dürüst mültəfit ol, gör bir iş nə yerdədir. Sonra məni söy. Axır mənim təqsirim nədir söyürsən və deyirsən, sənin evini yıxmışam? Bilirəm dediyin nədir. Amma, xanım, bax, and olsun atamın ərvahına, mənim bu işdən bilmərrə xəbərim yoxdur. Elə yaxşı oldu söz açıldı. Mən İndi işin olubolacağını sənə açıb deyirəm. Mən bilirəm, sənə deyiblər: guya mən cadu yazdım, qəssabın qızını hacıya aldım. Amma bax, xanım, yenə and olsun atamın ərvahına, hacının evində yediyim duz-çörəgə ki, mənim bu işdən əsla xəbərim yoxdur. Mənə verdiyin duzçörək gözümdən gəlsin, hərgah mən bu barədə əlimə qələm almışam. Mən hacı ilə qədim aşna idim, həmişə gəlib-gedərdim. Yenə gəlmişdim. Ay xanım, mən məgər razı ollam ki, sənin üstünə hacı övrət alsın? Doğrudur, mən cadugərəm, amma elə adama yazıram, əslini-kökünü tanımayam, nəinki dostaşnaya. Ancaq mən sizə bir söz deyim: mən təəccüb edirəm, siz özünüz Gülpəri qarını tanıya-tanıya məni niyə söyürsünüz? Vallahı, xanım, məni söymək nahaqdır. Sən özün yaxşı bilirsən. Gülpəri qarı üçün cadu yazmaq lazım deyil. Ondan ötrü ki, o, özü başdanayağa cadudur. Istəsə nəinki, insanı, vallahı, şeytanı da yoldan çıxardar. Bax, xanım, yenə sizə deyirəm: yəqin biləsiz ki, mənim bu işdən əsla xəbərim yoxdur. Sənəm. Yaxşı, yaxşı. Eybi yoxdur. İndi bir az dur, sənə söz deyəcəyəm. Hərgah onu düzəltdin, onda səni qardaşımdan artıq istərəm və bilərəm də ki, sən bizim pisliyimizi istəməzsən. Əgər bir belə iş elədin ki, hacı ikinci arvadını çıxartsın, onda billəm cəmi dediyin sözlər doğrudur və əgər eləməsən, billəm dediyin sözlər hamısı yalandır, ancaq canının qurtarmaq istəyirsən. Mirzə Heydər (öz-özünə). Hə, yaxşı yerdə günü axşam elədim. (Ucadan) And olsun Allaha və atamın ərvahıan, sənin evində yediyim... Sənəm. Yaxşı dəxi, and içmə. Sözümə cavab ver. Bu işi düzəldəcəksən, yoxsa yox? Mirzə Heydər. Ay xanım, sənin xatırın üçün canımdan da keçərəm. Amma... Sənəm. Dəxi artıq danışma, amma-zad lazım deyil. Yazırsan, qələmdən, kağızdan cibindən çıxart, yaz, yazmayırsan dəxi amma nədir? Mirzə Heydər. Xanım, ay başına dönüm, dəxi nə üçün acıqlanırsan? Belə bax mənim bu gözlərim üstə. Bayaq ərz elədim ki, sənin xatırın üçün başıma and içirəm. Sənəm. Öz xatırın üçün başından keç. Mənə sənin başın gərək deyil. Tez ol, hər nə yazırsan, yaz görüm. Hacı oyanar, xəbərdar olar, sənin də işin pis olar, mənim də. Di tez ol. Mirzə Heydər. O işdən ötrü, xanım, dua yazmaq yaramaz. Gərək mis qab olsun. Odu ha, o mis qabı gətir buraya. (Sənəm mis qabı gətirir. Mirzə Heydər cibindən bir qarğı çıxardır.) Bir az mum olarmı səndə? Sənəm. Niyə olmayır, övrət xaylağı olar ki, mumsuz olsun? (Mumu çıxardıb, verir.) Mirzə Heydər kasanın üstünü dəsmal ilə örtüb dəsmalın ortasını verir Sənəmin əlinə, hər ikisi əyləşir. Mirzə Heydər. Ala, tut bu dəsmalın ortasından bax. Mən bu bıçaqla on üç dəfə vuracağam kasaya. On üç cin gələcək dolacaq bu qarğının içinə. Sonra mən qarğının ağzını mum ilə bərk bağlayacağam, verəcəm sənə. Sən də aparıb gecə qoyarsan hacının başının altına. Gecələr bundakı cinlər hacıya rahatlıq verməzlər, ta ki hacı təzə övrətini boşuyunca. Amma qabaqca gərək nəziri olsun. Ondan ötrü ki, bu dua bir şeydir ki, nəziri olmasa əsəri olmaz. Ələlxüsus bu işdə gərək nəzirini qabaq verəsiniz. Sənəm. Nəziri nədir, deyilən verim. Mirzə Heydər. Nəziri gərək, xanım, kağız pul olsun. Qoyacağam bu camın içinə. Çünki əcinnələr mis və gümüş puldan qaçırlar. Sənəm. Üç manat bəsdirmi? Mirzə Heydər. Niyə bəs deyil, ancaq kağız pul olsun. Sənəm (pulu verir). Di ala bu üç manatı. Allah qoysa yenə sənə pul verərəm, əgər iş düzəlsə. Mirzə Heydər. İnşallah düzələr. Di İndi gözünü yum. (Başlayır camı döyməyə. Bu halda Güllü içəri girir.) Güllü. Bu nədir, ay qardaş? (Mirzə və Sənəm qalxırlar ayağa) Ay bihəya, bu nə tac qurmaqdır?! Bu nə cadu yazdırmaqdır?! Sənəm. Bihəya sənsən! Həyasız, sənə nə? Sənə cadu yazdıran kİmdir? Mən mirzəyə tas qurdurmuşam. Balaca uşaq gecələr yatmır. Güllü. Yalansa balaca uşağın vayına oturum, ağlayım. Bihəya, niyə yalan deyirsən? Adam başına qəhətdir aldatmağa? Qapının dalında durub hamısını eşitmişəm! Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Sənəm (çığıra-çığıra). Ay bihəya, kimin uşağının vayına oturursan? Güllü (ucadan). Belə hər kəs mənə cadu yazdırır, ona deyirəm. Sənəm. Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram, əlindən gələni beş qaba çək! Güllü. Ay səni görüm dünyada ağ gün görməyəsən! Ay səni görüm dörd balan bir ildə yuyulsun! Axı mən sənə neyləmişəm? Sənəm. Belə mənim dörd balamın azarı-dərdi-bəlası tökülsün sənin bircə istəkli qardaşının üstünə! Güllü. Ay həyasız, kimin qardaşına qarğış eləyirsən! And olsun qardaşımın canına, saçından tutub bir ağac yol sürərəm! Mirzə Heydər. (öz-özünə). Yavaş-yavaş buradan qaçmaq məsləhətdir. Yoxsa mənim də dərimi boğazımdan çəkərlər. (Çıxıb qaçır.) Sənəm. Mənim saçımı tutan hələ anasından olmayıb! And olsun Allaha, sənə bir od vurram ki, gəldiyin yolu azarsan! Güllü. Bircə dayan. O dua yazan necə oldu? Hələ mənim işim onunla çoxdur. Hacı gözünü silə-silə çıxır. Hacı Mehdi. Ay qırılmışlar, ay bihəyalar, məgər səsiniz kəsilməz, məgər qoymazsınız bir az yatıb dincəlim. Allah sizin toxumunuzu yer üzündən götürsün. Güllü. Mən nə eyləyim? Görmürsən arvadın nə qayırır? Gedib cadu yazan gətirib mənə tas qurdurubdur. Hacı Mehdi (gedib tatarını gətirir). Ay Allah sizə lənət eləsin. Yəni nə vaxtacan mən sizin hay-küyünüzə tab gətirəcəyəm? Dəxi canımı boğazıma yığdınız! (Övrətləri vurur.) Canımı boğazıma gətirdiniz, gətirdiniz! Allah sizin canınızı boğazınıza yığsın. Allah sizing kimi arvadlara lənət eləsin! (Övrətlər qaçırlar. Hacı Mehdi nəfəsini verə-verə oturur.) Ay pərvərdigara, tezlik ilə ya məni öldür bunların üzündən xilas elə, ya bunları öldürgilən, bəlkə mən dünyada bir arxayın nəfəs alım. (Durur gedir qapının birini açır, Sənəmi çağırır.) Sənəm, buraya gəl. (Qayıdır o biri qapıya) Güllü, buraya gəl. (Sənəm və Güllü hərəsi bir qapıdan girirlər, dayanırlar qapının ağzında.) Bax deyirəm sizə, and olsun Allaha və getdiyim Beytə, əgər bir-birinizdən şikayət edəsiniz, ikinizi də otanacan döyəcəyəm ki, lap dildən düşəsiniz. Gərək biriniz o birinizin səsini bilmərrə eşitməyə. Dəxi qonumqonşu təngə gəlib sizin çığır-bağırtınızdan. Bax deyirəm sizə, birinizin pişiyi o birinizin evinə gedə bilməz. And olsun Allaha, dərinizi boğazınızdan çıxardaram. Bax bu saqqal mənə haram olsun, əgər o tatarı ilə sizi öldürməsəm. Di gedin, itin gözümün qabağından. (Övrətlər gedirlər.) Ay Allah sizin kökünüzü kəssin! Pərdə * * * Üçüncü məclis Vaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü oturub tikiş tikir, öz-özünə danışır. Güllü. Vallah, bilmirəm dünyada nə günah eləmişəm ki, Allah məni bu odun-alovun içinə salıb. Qohum-qardaşdan, dost-aşnadan şərməndə eləyib. Bir gün bir qonaq gəlir, vallah bilmirəm ki, qabağına nə qoyasan yesin? İndi bu gün bacılığım gələcək, bilmirəm üzünə necə baxacağam. Kişiyə də Allah insaf verib. Deyəndə, a kişi, qonağım gələcək bu gün, başlayır söyməyə ki, Allah qonağına da lənət eləsin, özünə də. Deyir ki, məni siz dağıtdınız. Yalansa Allah səni dağıtsın, bundan da pis günə düşəsən! Hacı Mehdi (daxil olur köhnə paltarda, saqqalının yarısı ağ, yarısı qırmızı, çox pis halətdə.) Arvad, yenə nə var, öz-özünə danışırsan? Güllü. Nə danışacağam, görürsən oturub öz günümə ağlayıram. Hacı Mehdi. Balam, qəzanın işi belədir. Bizilən deyil ki! Bir vaxt var idi ki, pulumuz da var idi, malımız da, yaxşı hörmətimiz də. Amma İndi fələyin beli sınsın, çərxi tərsinə döndü, düşdük kasıb olduq. Əlbəttə, Allah belə məsləhət görübmüş, eybi yoxdur, Allah kərİmdir. Bəlkə yenə gələcəkdə əlimizə pul gəldi. Kim bilir olacağı? Sən ancaq Allaha şükür elə. (Cibindən çubuq çıxardıb çəkir.) Güllü. Mən də bilirəm Allah kərİmdir. Sən acından ölmək ilə Allah kərimlikdən düşməyəcək. Hələ bircə gör, bir azca pulun varsa, bir-iki manat ver, bacılığım gələcək, bu günləri görüm ona nə bişirərəm. Hacı Mehdi. Ay arvad, axır bu nə qonaqbazlıqdır? Gündə qonaq, gündə qonaq. Axır özün görürsən ki, mən lap dağılmışam, tərk olmuşam. Tanrının pendir-çörəyini də tapmayıram yeməyə. Ay biinsafın qızı biinsaf. Güllü. Mənə nə, istər yavan çörək ye, istər ac qal, o mənim borcum deyil. Arvad saxlayırsan, qeydinə qal. Pulun var-yoxdur, mənim nə vecimə. Hacı Mehdi. Elə mənim evimi dünyada arvad yıxmadı? Güllü. Yalansa yediyin, içdiyin iki burnunun deşiyindən gəlsin. İndi ki saxlaya bilmirsən, niyə məni aldın? Nə ölümdü, nə boğazına çatı salıbsan? Ver kağızı, kəbinim halal, canım azad. Çıxım gedim, bəlkə atam evində bir parça çörək yeyim. Hacı Mehdi. Sən Allah, dəxi bəsdir, ovqatımı təlx eləmə halətimin pis vaxtında. Dur bir az gör nə var, sübhdən acam. Güllü. Nə var, nə gətirim? Pendir-çörəkdi, sənin canın, nə qədər yeyəcəksən ye. Hacı Mehdi. Di tez ol qalx ayağa, hər nə verəcəksən ver. Güllü qalxır ayağa. Bir az pendir-çörək, bir qabın içində, gətirib qoyur hacının qabağına, çıxır gedir. Hacı Mehdi (baxır çörəyə). Ah pərvərdigara, bəndəni nə yaman günlərə salırmışsan. Bir vaxt var idi, mənim pulum, çörəyim həddən aşmışdı. Bir adam yox idi ki, mənim burada çörəyimi yeməmiş olsun. İndi sənə şükür, Allah, məni pendir-çörək ümidinə qoyubsan. Aşna, dost bilmərrə qaçıb dağılıb. Bir ruzigarın bivəfalığına bax ki, dünən gedirəm Hacı Vəlinin evinə, qədimdən aşnadır, küçədən baxıram görürəm, oturub namaz qılır. Gəlib qapını döyürəm, soruşuram, deyirlər evdə yoxdur. Ay dünya, haman Hacı Vəlidir ki, bir çörəyi o məndən, mən ondan ayrı yeməzdik. Qədimdə küçədən keçəndə hər kəs görsəydi məni, ikiqat olub baş əyərdi. Amma İndi görəndə heç salam da vermirlər. Guya məni heç tanımırlar. Ancaq daldan baxıb heyf edirlər ki, ay yazıq Hacı Mehdi, görün nə günə düşüb. Ay dünya, vay dünya... Mənim evimi arvad yıxdı. Axır mənim nəyimə gərək idi iki arvad ki, axırım da belə ola. İndi bir ev əvəzinə iki ev saxlayıram. Bu gün birisinin qonağı gəlir, sabah görürsən o birininki. Birisinə paltar alırsan, o biri qalxır ki, mənə də al. Allah ya məni öldürsün, ya bunları. Məşədi İman (qapının dalından səsi gəlir). Ay uşaq, hacı evdədir? Hacı Mehdi. Budur Məşədi İmran da gəlir, İndi pul istəyəcək. Borcluyam, nə deyim? Evdəyəm, buyur, buyur. Məşədi İman (daxil olur). Salaməleyküm, ay hacı, əhvali-şərif? Hacı Mehdi. Əleykəssalam, məşədi, buyur əyləş. Məşədi İman. Xeyr, hacı, əyləşməyəcəm. Amma bir neçə söz deyib gedəcəyəm. Hacı Mehdi. Buyur sözünü, məşədi. Məşədi İman. Hacı özün yaxşı bilirsən ki, mən bir alış-verişçi babayam, sənətimiz alqı-satqıdır. Bu gün gərək gedəm yaylağa, kürdlərdən yağdan, yundan yığam. İndi, başına dönüm, hacı, əgər mümkün olsa, bizim o iyirmi manatı iltifat eləyəsən. Hacı Mehdi. Məşədi Iman, ola bilərmi ki, bir az səbr eləyəsən? Əlbəttə, on günədək hər tövr olsa sənin pulunu, özümdən-özgədən, tapıb verərəm. Məşədi İman. Xeyr, hacı, dayana bilmərəm, sabah günortaya yola düşəcəyəm. Yoldaşlarım sabah gedirlər, gərək mən də gedəm. Sözün doğrusu, mən dəxi artıq gözləyə bilmərəm. Nə qədər gözləmişəm, bəsdir. Bir ay deyil, iki ay deyil, üç ay deyil. Gör mən necə adamam ki, bu çanacan səbr eləmişəm. Əgər bir ayrı adam olsaydı, gəlib sənin qapının dabanını çıxartmışdı. Hacı Mehdi. Ay Məşədi İman, heç olmasa iki gün dayan, səbr elə, Allah qoysa gavur borcu elərəm, papağımı sataram, sənin pulunu verərəm. Məşədi İman. Hər nə isə, hacı, çox yaman adamsanmış. Rəhmətliyin oğlu, pul alıbsan dörd aydır, ver çıxım gedim. Daha sözün nədir axı? Hacı Mehdi. Məşədi, eyibdir, niyə qışqırırsan? Sənə deyirəm ki, iki günədək pulunu verərəm, daha niyə çığırırsan? Məşədi İman. Axır məşədi evi yıxılmış başına nə kül töksün! Budur, iki aydır gəlirəm, gedirəm. Deyirsən sabah verərəm, sabah verərəm. (Qayıdır çıxır qapıdan çöldə çığırır.) Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. İndi əlac buna qalıb ki, bazara çıxanda tutam əbasını əynindən çıxardam getsin. Mən də bir bihəya adamam. Hacı Mehdi (gedir qapıdan çağırır.) Məşədi! Məşədi! Bir bəri qayıt. (Məşədi qayıdır içəri.) Məşədi, mənim pulum yoxsa, amma bir az hörmətim var. Mən heç vaxt razı olmaram ki, sənin kimi adam mənim üstümə əl uzatsın. Bir vaxt var idi, deyəndə ki, məşədi, sabah gəl pulunu apar, deyirdin, hacı, niyə tələsirsən, istəyirsən bir aydan, iki aydan, sonra ver. Amma İndi dünyanın üzü qara olsun, bir az əliaşağı düşmüşəm deyibən istəyirsən bazarda mənim əbamı çıxardasan. A kişi, utanmırsan? Eyib olsun, hələ bir çıxıb küçədə də darabara salıb, qonum-qonşuya eşitdirirsən. Məşədi İman. Ay başına dönüm, hacı. Nə eləyim, mən də bir kasıb adamam. Biz də alış-veriş əhliyik, gərək çörək qazanaq, yoxsa yox? Hacı Mehdi. Sən bilirəm, məndəki iyirmi manata möhtac deyilsən. Amma irəli gəl, söz deyirəm. (Məşədi İman yeriyir irəli.) Ala. (Cibindən gümüş saat çıxardır.) Ala, tut, hər şeyimi tələf etmişəm, amma bu gümüş saatı İndiyədək atamdan yadigar saxlamışam. Tut, mən razı olmaram ki, sənin kimi adamlar bazarda mənim abrımı töksün. Çünki sənin kimi adamlara çox çörək vermişəm. Al, bu saatı apar sat, pulunu götür. (Məşədi İman dayanır.) Niyə dayanırsan? Nahaq yerə dayanma, al bu saatı. (Saat hacının əlində, Ələsgər girir içəri.) Ələsgər. Bu nədir, o saatı ona niyə verirsən? Hacı Mehdi. Sənə nə, sənin borcun deyil. Bu sən qarışan iş deyil. Ələsgər. Necə mən qarışan iş deyil? (Məşədi İmana baxır.) A gədə, həyasız, utanmırsan bazar içində hacını biabır edirsən? Ay abırsız namərbud. Bir vədə var idi arşını beş şahıya satdığı çiti hacıya birə iki sırıyırdın. İndi iyirmi manatdan ötrü hacını bazar içində bədnam, rüsvay eləyirsən. A kişi, heç utanmırsan, heç qızarmırsan?! Hacının bu dəli qardaşı ölməyib, sağdır. Elə ki mən öldüm, o vaxt hacının qapısını kəsərsən. Ala, pulunu verim. Məşədi İman. Ay ağa Ələsgər, niyə acıqlanırsan? İstəyirsən heç almayım. Qurban olsun hacı ilə kəsdiyim duz-çörəyə. Ələsgər. Sən həyasız bu sözü qabaqca niyə demirdin? Bazar içində ona-buna deyirsən ki, gedirəm Hacı Mehdidən pulumu alım, hərgah verməsə biabır eliyəcəyəm. İndi deyirsən pul Qurban olsun qədim duz-çörəyə. Yalansa qədim duz-çörək gözündən gəlsin! Ala pulunu, (Çıxarıb verir.) Mən yenə gedərəm, alnımın tərin silə-silə yenə qazanaram. Ala, tut. Məşədi İman. Ağa Ələsgər, acığın tutmasın, pulunu qoy cibinə, sonra hacının pulu olar, verər. Ələsgər. Ala, tut pulunu, deyirəm sənə. And olsun Allaha, hirsimin tutmuş vaxtı səni o qədər vurram, şişib tuluğa dönərsən! (Məşədi İman pulu alır.) Di çıx buradan, qırışmal, məlun, tez ol! (Məşədi çıxır, qardaşına) A kişi, bu nədir, bu sənin adına-sanına dəyərmi? Bir parça çörəyin var idi, axır niyə tökdün itlərə, tələf elədin, özünü də bu günə saldın? İndi hər it-qurd üstünə əl açır. Sənə doğru söz deyəndə də cinin tutur. Hacı Mehdi. Qardaş, dəxi sənə mənim heç bir sözüm yoxdur. Durub başımı yarsan sənə bir söz demərəm. (Qəssab Nəbi girir içəri.) Nəbi. Salaməleyküm. Hacı Mehdi. Əleykəssalam, ağa Nəbi, buyur, buyur. Hamısı Əyləşir. Ələsgər oturur hacının yanında. Nəbi. Hacı, nə var, nə yox? Əhvalın necə keçir? Hacı Mehdi. Allaha şükür, görürsən də. Yaxşı-yaman dolanırıq. Nəbi. Bilirsən nə var? Mən bir işdən ötrü gəlmişəm yanına. Hacı Mehdi. Bəli, buyurunuz. Nəbi. Bu gün Güllü gəlib evə, ağlayır, deyir ki, mən orada dolana bilmirəm. Görünür korluq çəkir, ac qalır. Mən də, doğrusu, atayam, ürəyim qızıma yanır, yazığım gəlir və bilirəm də, siz bir az əli aşağı olmusunuz. Sənə də iki övrət saxlamaq çətİndir. Mənim qızım da, allaha şükür, sənin evində beş-altı ildir övrətlik edir. İndi ki uşağı-zadı da olmayıbdı, xahiş edirəm sizdən: gəl sən bu qızın talağını ver, aparım evimə, sənin də işin bəlkə bir az yüngülləşə. Hacı Mehdi. Ay ağa Nəbi, sən bu təklifi mənə eləmə. Çünki övrət boşamaq asan iş deyil. İndiyədək saxlamışam, yenə bir tövr səbr eləsin, bəlkə Allah yenə elə bir iş düzəltdi ki, əlimə pul saldım. Deyirlər vağzalda buğda bir az baha olub. Fikrim var ki, bir dövlətli adam ilə şərik olum. Pulu ondan, zəhməti məndən. Arpa, buğda aparam satam, bəlkə bir sayaq ola. Nəbi. Yox, hacı, sən gəl bu qızın talağını ver. Başına çevir, tək qızdır, uşaqsız-zadsız. Ələsgər. Qardaş, ağa Nəbi, vallah, çox yaxşı söz deyir. Dəxi niyə dayanırsan? Sən özün yaxşı bilirsən ki, iki övrət sənin boynuna bir yükdür. Məni öz tərəfindən vəkil elə, ağa Nəbi ilə gedim qazının yanına, talağını geri oxudaq, qurtarsın, getsin. (Yavaşca hacıya) A kişi, daha dayanmaq yeri deyil, başından elə bu bihəyanı getsin. (Ucadan) İndi sözün nədir, hacı? Hacı Mehdi. Balam, vallah heç bilməyirəm nə deyim, qalmışam naçar. Nəbi. Hacı, elə siz gəlin razı olun. Qədim dostluq da aramızda itməz, məni də özündən razı elərsən və öz işin də bir az yaxşı olar. Hacı Mehdi. Hərçənd bacardığım yerədək razı olmazdım, amma əlacım yoxdur. Qardaş, ağa Ələsgər, get Nəbi ilə qazının yanına, hər tövr buyurur, elə elə. Nəbi. Gedək, ağa Ələsgər. Hacı, Allah atanı behiştlik eləsin. Elə bil bir kəniz azad elədin. Ağa Ələsgər, buyur gedək. Ələsgər. Siz gedin, mən də yarım saatdan sonra dalınca gələrəm. Nəbi. Yaxşı, mən gedim dükana, orada səni gözlərəm, gələrsən dükana, bir yerdə gedərik. Ələsgər. Get, yaxşı bir saatdan gələrəm. Nəbi. Xudahafiz. (Gedir.) Hacı Mehdivə Ələsgər. Müşərrəf, müşşərəf, göz üstə gəldin. Ələsgər. Qardaş, beş vaxt namaz yerinə İmdi gündə on vaxt qıl. Gecəgündüz Allaha şükür elə ki, bu bihəyanın əlindən qurtardın. Hələ bircə de görüm Sənəm bacı evdədirmi? Hacı Mehdi. Evdədir, odur ha bəri otaqda, çağır gəlsin. (Ələsgər gedir,) Pərvərdigara, sənə çox şükür olsun, İndi bir az nəfəsim rahat oldu. Hərçənd kasıb olmuşam, var-yoxum əldən gedib, amma yenə atalar məsəlidir: azacıq aşım, ağrımaz başım. Əlimə az-çox, daşdan yumşaq, nə düşər, yeyib sənə çox şükür elərəm. Ələsgər ilə Sənəm gəlirlər. Ələsgər. Bax, Sənəm bacı, bu sənin ərin, sən də onun arvadı. İndi bir parça çörəyinizi yeyin, Allahınıza şükür eləyin. Mən də gedim bu saat gəlini sizin başınızdan rədd eləyim. Sənəm. Necə rədd eləyim? Ələsgər. Bəs sənin görünür işdən xəbərin yoxdur. İndi Nəbi gəlmişdi ki, hacı, qızım burada çox korluq çəkir, nə olar, onun talağını verəsən. Hacı vermək istəmirdi, amma mən təkid elədim, hacı razı oldu. İndi məni vəkil eləyib, gedirəm qazının yanına işi tamam eləyim. Sənəm (hacıya). Kişi, qulaq as. Bu ətəyimin qızılı, bu yaxamın qızıllı düymələri. İndiyədək hərçənd görürdüm, sən korluq çəkirsən, amma mən də öz qədrimi bilən adamam. Görürdüm o biri arvadın qızılgümüş içində gəzir, mən də gəzirdim. İndi onu başdan elədin, mən də bu ətəyimin otuz imperialını, yaxamın qızıllarını söküb verirəm sənə, apar sat, bir dükan aç, otur içində, qazan gətir, rahat yeyək, Allahımıza şükür eyləyək. Hacı Mehdi. Sənəm, mənim səndən çox xəcalətim var. Sənəm. Kişi, İndi keçən keçibdir, Allah şeytana, şeytansifətə lənət eləsin. Bilirəm, səndə təqsir yoxdur. Allah mərdümazarın evini yıxsın. Hacı Mehdi. Ələsgər, buraya gəl. (O üzündən, bu üzündən öpür.) Qardaş, sənin qədrini mən İndiyədək bilməzdim. İndi bildim ki, sən məni istəyirmişsən. Allah səndən razı olsun, necə ki mən səndən razı oldum. Qurbanın olum, Ələsgər, get o bihəyanı mənim başımdan rədd elə. Ələsgər. Bu saat gedirəm. İndi, qardaş, yedin qaz ətini, gördün ləzzətini. Bir də ağlını uduzma. Hacı Mehdi. Get, get, başına dönüm. (Ələsgər gedir.) Sənəm, sənin yanında mənim təqsirim çoxdur, məni bağışla. (Boynunu qucaqlayır.) Sənəm. Allah bağışlasın, kişi, keçən keçib, İndi gələcək fikrini çəkək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-yeyersen-qaz-etini-gorersen-lezzetini İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.