Yoldaş Koroğlu Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Yoldaş Koroğlu Əsər doqquz şəkildə Əşxas İsrafil – kəndli, kor bir kişi Şərəf – onun arvadı Salman – onun böyük oğlu (Koroğlu) İmran – onun kiçik oğlu HacıBayram HacıNovruz } qolçomaqlar MəşədiƏhməd Kərbəlayı Allahverdi MirzəHəsən – kənd müəllimi MollaVəli Güldəstə – Hacı Bayramın qızı Rəhim – Hacı Bayramın nökəri Mahmud – Hacı Bayramın baş əmələsi Cavadov – hökumət nümayəndəsi Səfiqulu – kəndli Cavan, qoca kəndlilər; komsomolçu oğlanlar, qızlar, uşqalar, əsgərlər, komandir, qarovulçu, yaralı, uşaqlar * * * Birinci şəkil Kor İsrafilin evinin qabağında Şərəf və oğlu İmran əyləşmişlər. Gün batmağa meyl edir. İmran. Ana, axı mən acam, səhərdən ağzıma bir tikə çörək almamışam. Şərəf. Necə eləyim, ay bala? Mən yedim sənə vermədim? Mən də sənin kimi acam. İndi atan, qardaşın gələrlər, çörək də gətirərlər. İmran. Ana can, atama belə yazığım gəlir ki, səhərdən evdən çıxır, axşamadək bu kənddən o kəndə piyada uzun yollar gedir, axşam yorulmuş gəlir yıxılır, gecə sübhədək canının ağrısından yata bilməyir. Nə vaxtadək bizim dolanışacağımız belə keçəcəkdir? Şərəf. Əlac nədir, anan sənə Qurban olsun. Atanın gözləri olsaydı, indi işləyirdi, əkirdi, tökürdü, biz də dolanırdıq. İmran. Ana can, atamın gözləri nədən tutuldu? Şərəf. Ay bala, mən sənin atanın evinə gələndə elə gözləri kor idi. Uşaqlıqda çiçək çıxarıb, ondan kor olmuşdu. İmran. Yadındadırmı, ana can, atam bir dəfə naxoşladı, üç gün dilənməyə gedə bilmədi. Çardağın altında yazıq kişi uzanmışdı. Gəldim yanında oturdum, əlimi qoydum sinəsinin üstünə, soruşdum: ata haran ağrıyır? Əlimdən tutub məni özünə tərəf çəkdi, başımı sığalladı, üzümdən öpdü. Sonra əlini sifətimə çəkib dedi: ay bala, nə olardı bircə sənin, qardaşının, ananın sifətini görəydim, ondan sonra öləydim. Atama elə yazığım gəldi, gözlərimdən yaş axdı. Şərəf. Göydən hər nə bəla gəlsə, ay oğul, kasıba, yoxsula gəlir. Varlılarını, dövlətlilərin, bəylərin birinin uşaqları çiçək çıxarmayırlar. Kəndə çiçəkdöyən gələndə, gedir onların uşaqlarının çiçəklərini döyür, plovlarını yeyir, evlərində rahat yatır, səhərdən də durub, çıxır gedir işinə. Fəqirfüqəraya qulaq asan yoxdur. Odur ki, onların uşaqları da çiçəkdən kor olurlar. İmran. Ana can, bir də kəndimizə çiçəkdöyən gəlsə, məni apar, yalvar çiçəyimi döysün, mən də dədəm kimi kor olmayım. Şərəf. Yaxşı, bala! İmran (bir qədər sükutdan sonra). Ana can, axı mən acından öldüm. Şərəf. Bir azca səbr elə, oğul. Görürsən gün əyilib, batmağa az qalıbdı. İndicə atan da, qardaşın da gələcəklər. Durum bir az su qızdırım, atan gələndə ayaqlarını yuyum. (Qalxıb o yan-bu yana boylanır.) Bax, odur gəlirlər. İmran (sevinmiş). Hanı, hanı? (Atasının qarşısına yüyürür.) Şərəf çırpıdan ocaq qalayıb, üstünə qazanda su qoyur. İsrafil Salmanın çiynindən yapışmış daxil olur. İmran dallarınca gəlir. İsrafil (Şərəfə). Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm. Şərəf (döşəkcə salır). Gəl burada otur. (Qolundan tutub, oturdur.) İsrafil (əyləşir). Ayaqlarım taqətdən düşüb. Bir azdan sonra daha heç məndə gəzməyə hal qalmayacaqdır. Bilmirəm bu külfət necə dolanacaq? S a lma n. Qəm yemə, ata. Bir az keçər rahat olarsan. Bundan sonra sən evdə oturarsan. Mən qazanıb gətirərəm. Üç-dörd ildən sonra İmran da imraz elər, o da başlar qazanmağa, belə keçməz. İmran (atasının xurcununu açıb baxır). Ana, atam ət də gətirib. İsrafil. Gətirmişəm, oğlum, ət də gətirmişəm. (Arvadına) Ay Şərəf, o əti at qazana, bir şey bişir, uşaqlar yesinlər. Şərəf. Ocağa su qoymuşam. Ayaqlarını yuyum, sonra əti asaram. İsrafil. Ayaqlarımı yatanda yuyarsan. Qabaqca əti as, uşaqlar acdırar. Şərəf. Yaxşı, elə olsun. (Xurcunu götürüb aparır ocağın yanına, orada içindən ət və çörək parçalarını çıxarır. Bir parça çörək İmrana verir.) Ala, bunu ye, İndicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. İmran çörəyi alıb yeyir. İsrafil (Salmana). Bala, Salman, danışmaq asandır, iş görmək çətin. Deyirsən mənə evdə oturum, sən qazanıb məni saxlayarsan. Sən nə işə yapışacaqsan ki, qazanıb bu külfəti saxlaya biləsən? Salman. Ata, budur neçə aydır, axşam sən və anam yatandan sonra mən evdən gedib gecənin yarısından sonra gəlirəm. Niyə heç bir soruşmursan ki, bala, bu gecələri nə gəzirsən? Mən axşamlar gedib bizim kənd müəllimi Mirzə Həsəndən dərs alıram. Bir neçə yoldaşıq. İndi oxumaq, yazmaq bilirəm. Bir də, ata, bir iş var: müsavat hökumətinin axır günləridir. Bu günsabah Azərbaycana təzə hökumət gələcəkdir: işçi və kəndli hökuməti. Məmləkətin ixtiyarı İndiyədək ayaq altında əzilməkdə olan fəqir-füqəraya veriləcək. Ondan sonra bizim kimi yoxsulların hamısının əhvalı yaxşılaşacaqdır. İsrafil. Ay oğul, yuxu görürsən, nədi? Başı qapazlı fəqir-füqəra işmi apara bilər? Salman. Doğrudan da, bu işlər indiyə kimi çox adama yuxu kimi gəlirdi. Amma bu yolda işləyənlər də az deyildi. Işləyənləri öldürürdülər, Sibirə sürgün edirdilər. Onlar buna baxmayıb sözlərinin üstündə mərdi-mərdana dururdular və deyirdilər: füqəra milyonlarcadır, dövlətlilər minlərcə. Az çoxa ağalıq eləyə bilməz. Hökumət çoxun əlində olmalıdır. Bu yolda zəhmət çəkənlərin başında, canından keçən, ölümdən qorxmayan bir adam var ki, ona yoldaş Lenin deyirlər. Tamam Rusiyada bu saat işçi-kəndlilər onun sayəsində hökumətlik edirlər. İndi növbət bizə gəlir. İsrafil. Ay bala, sən bu işləri haradan bilirsən, bəs indiyədək niyə danışmırdın? S a lma n. Açıq danışmağın vaxtı deyildi. Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə xəbər gəlir. Bakıda adamlarımız işləyir. Bir neçə gündən sonra çıxıb, açıq-açığına söyləyib, xalqın hüququnu anladacağıq. Hacı Bayram (yolla ötərkən dayanır). Ay İsrafil, yenə balalarını başına toplayıb nə söhbət eləyirsən? İsrafil. Nə söhbət eləyəcəyəm, ay hacı! Bizim dərd-qəmdən başqa nə söhbətimiz ola bilər? Hacı Bayram. Sənin nə dərdi-qəmin ola bilər? Üçdə alacağın yoxdur, beşdə verəcəyin. Mənim kimi mal-qoyun dərdi çəkmirsən. Xalqın müftə çörəyindən yeyib yatırsan. Şərəf (əlində soğan doğrayarkən, ahəstə). Səni görüm, İsrafilin gününə düşəsən, arvadın da mənim günümə, onda görərsən ki, dərdqəm nəyə deyərlər. S a lma n. Az qalıbdır, ana. Bir azdan sonra biz çəkən dərd və qəmdən o da çəkəcək. İsrafil. Ay hacı, hər adamın dərdi özünə görə yükdür. Böyük başın böyük ağrısı olar, balaca başın da balaca ağrısı. Hacı Bayram. Ay İsrafil, sənin bu oğlun Salman qoçaq oğlana oxşayır. Gəlsənə onu mənə nökər verəsən? Ona yedikcə çörək verərəm, geydikcə paltar verərəm. Bir qədər məvacib təyin elərəm. Bir neçə vaxt qapıda-bacada işlər, mənim işlərimə bələd olar. Sonra gəldikcə işini, məvacibini artıraram, sən də rahat dolanarsan. İsrafil. Mənim sözüm yoxdur, özü razı isə, getsin. Hacı Bayram. Özü nə deyib razı olmayacaq! Onu oğul kimi saxlayacağam. Həmişə o da, səndə məndən razı qalacaqsınız. İsrafil (oğluna). Razısanmı, ay oğul? S a lma n. Sən razı olandan sonra, mənim nə sözüm ola bilər. Hacı Bayram. Onda bu günlərdə gələrsən bağlaşarıq, başlarsan işləməyə. Şərəf. Hacı Bayram, səni and verirəm balalarının canına, mənim balama ağır iş tutdurma. Hacı Bayram. Arxayın ol, mən ona gücünə görə iş verərəm. Arxayın ol bacı. Di salamat qalın. (Salmana) Bu gün bazar ertəsidir. Cümə axşamı səhərdən gələrsən, yaxşı da gündür. (Gedir.) Salman. Baş üstə. Hacı Bayram (dübarə qayıdır). Bax, orada duran başı şapkalını görürsən? (Barmağı ilə göstərir.) Elə adamlardan bacardıqca uzaq qaç. Sənin ağlını başından oynadarlar. (Gedir.) S a lma n. Hacı Bayramın evinə girmək bəd olmaz. Evi yaxşı evdir, kənd idarəsinə yaxşı yarar. İsrafil. Ay oğul, o kimi göstərdi? Salman. Bizim kənd müəllimi Mirzə Həsəni göstərdi. İsrafil. Bir belə ki, sən onu tərif eləyirsən, onu görüm dünya durduqca dursun. Salman. Necə tərif eləməyim? Mənim və yoldaşlarımın gözlərini açan, xalqı haqq yola çağİran o deyilmi? Mirzə Həsən gəlir. Mirzə Həsən. Salaməleyküm, ay İsrafil dayı. Necəsən? O yekəqarın kulakla nə söhbət eləyirdin? İsrafil. Kulak nədir, ay mirzə? Mirzə Həsən. Fəqir-füqəranın, işçilərin zəhmətlərindən varlanıb, onları tapdalayana kulak deyirlər. Nə əcəb iltifat üstünə gəlib, səninlə söhbət eləyirdi?! İsrafil. Bir söhbət yox idi, ay mirzə. Deyir, oğlun Salmanı mənə nökər ver. Mirzə Həsən. Sən necə? Razı oldun? İsrafil. Əlacım nədir, ay sənə canım Qurban. Qocalmışam, əzməyə taqətim yoxdur. İndiyədək uşaq idi, mənim də əlacım yox idi, dilənib külfət saxlayırdım. İndi daha böyüyübdür, bundan sonra da o qazansın məni dolandırsın. Mir zə Həsən. Sən elə eləmə, Israfil dayı. Mən sənin dilindən bir ərzihal yazaram, göndərərəm lazımi yerinə, sənin uşaqların böyüyüb səni saxlamağa qadir olunca, sənə məvacib kəsərlər. Uşaqların ikisini də göndər mənim yanıma dərs oxusunlar, savad alsınlar. Savadlandılarmı, hər biri bir iş sahibi olar. Sən də rahat yaşarsan. İsrafil. İndi Salmanın gedib hacı Bayramın evində qulluq eləməsini məsləhət görmürsən? M ir zəHəsən (bir qədər fikirdən sonra). Hələlik qoy getsin. (Salmana) Eybi yoxdur, bir neçə günlüyə get. Sənin ona yaxın olmağın lazımdır. Axşamlar yenə öz qaydası ilə görüşərik. Sonra işə baxarıq. (İsrafilə) İsrafil dayı, hacı bayramların hökumət sürmələrinə az qalıbdır. Onun tək kulakların, hampaların, mülkədar-bəylərin və xanların haqqında başqa fikirlər var. Bu günlərdə onun cəmi var-yoxunu əlindən alıb camaata verəcəklər, özündən xəbəri yoxdur. İsrafil. Mən bunu anlamadım, ay mirzə. Məni dürüst başa sal. Necə yəni onun malını əlindən alıb camaata verəcəklər? M ir zəHəsən. Burada başa düşməməli bir şey yoxdur. Hacı Bayram üçün dövlət, mal qazanan haman onun qapısındakı rəncbərlərdir, çobanlardır, naxırçılardır, kəndin kişiləri, arvadlarıdır. Bunlar zəhmət çəkiblər, zəhmətlərinin meyvəsini Hacı Bayram yeyib. İndi ona deyəcəklər ki, daha kifayət edər: mal zəhmət çəkənİndir, hazır üstündə oturub müftə yeyənlərin deyil. Odur ki, onun əlindəki camaat qazandığı malı alıb, camaatın özünə verəcəklər. İndi başa düşdünmü? İsrafil. Çox gözəl başa düşdüm. Bəs bunu İndiyədək niyə eləmirdilər? Mirzə Həsən. İndiyədək hökumət başında bəylər, xanlar oturublar, özləri kimiləri də saxlayıblar. İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti. İsrafil. Mən buna inanmırdım. Salman doğru deyirmiş. Bax, hökumət buna deyərlər. Ömrün uzun olsun, ay mirzə, mənim ürəyimi şad elədin. Mirzə Həsən. Di salamat qalın, mən gedirəm. Əlbəttə, uşaqları məktəbə göndərərsən. İsrafil. Baş üstə, ömrün uzun olsun. Xata-baladan uzaq olasan. Şərəf. Ay mirzə, kasıb koması olanda nə olar, yaxşı şorba bişirirəm, otur, bir-iki qaşıq yeginən. Mirzə Həsən. Yox, Şərəf xala, çörəyin bol olsun, çox razıyam. Ancaq qaranlıq düşənədək mən gərək evdə olam. Şərəf. Nə deyirəm, sən bilən yaxşıdır. İsrafil. Mirzə, ərizəni nə vaxt yazacaqsan? Mirzə Həsən. Nə vaxt uzaqdır. Bir az səbr elə, vaxtı yaxınlaşır. Hələ ki, xudahafiz. Salamat olun. (Gedir.) İsrafil. Xoş gəldin, göz üstə gəldin, ömrün uzun olsun. Salman (Mirzə Həsəni ötürür). Mirzə, bu gün bir təzə xəbər yoxdur? Mirzə Həsən. Yaxşı xəbər var. Şura hökumətinin gəlməsi bir həftə çəkməz. Salman. Deməli, zəhmətkeşlərin əziyyətlərinin axırıdır. Mirzə Həsən. Çörəkdən sonra gələrsən, təzə gələn məktubları sənə göstərərəm. Yoldaşlara xəbər ver, hazırda dursunlar. Təzə xəbərə görə Dağıstanda Şura hökuməti qurulmuş, müsavat vəzirlərinin başları ziyafətlərə qarışıb dünyadan xəbərləri yoxdur. Cəbhə büsbütün açıqdır. Şura qoşunu məmaniətsiz Bakıya girə biləcək. Salman. Bəlkə dəmir yolunu dağıtdılar? Mirzə Həsən. Bu mümkün deyil. Dəmir yolu əmələləri heç vədə buna yol verməzlər. Xülasə, yoldaşlara deginən hazırda dursunlar. İnqilab vaxtı həmişə bir qarışıqlıq gözləmək olar. Bizim kənddə də bir para dələduzlardan ara qarışdırma gözləmək olar. Kənddə asayişin pozulmasına gərək bizim yoldaşlar yol verməsinlər. S a lma n. Hazırdadırlar. Mürəxxəs olum. Bir-iki saatdan görüşərik. (Qayıdır.) İsrafil. Salman gedir qulluğa. Payız girənədək də məni İmran gəzdirər. Mirzə Həsənin ömrü uzun olsun. Bəlkə onun köməyi ilə zəhmətdən, əzabdan qurtaraq. Şərəf. Daha qaranlıq düşür, durun gedək içəri, mən də şorbanı bişirim gətirim. İsrafil. Ay oğul, gəl qolumdan yapış. Salman onun qolundan yapışıb içəri aparır. Şərəf (ocağın kənarında). Zəhmət, məşəqqətlə ömür keçirdik, kirpiyimizlə od götürdük. Mirzə deyən doğru olsaydı, ömrümüzün axırında işıqlı gün görərdik. Mirzə yalançı oğlan deyil. İmran. Ana, şorba bişmədi? Şərəf. Bir azca səbr elə, oğlum, İndicə bişər. Salman (içəridən çıxıb bir qədər göy üzünə baxır). Ana, o işıldayan ulduzu görürsən? Şərəf. Çoban ulduzunumu deyirsən, ay bala? Salman. Onu deyirəm. Bax, ana, onun beş guşəsi var. O nəinki bir çobanların, cəmi əlsiz-ayaqsızların, füqəranın, kasıbların, tər töküb əl qabarı ilə çörək qazananların, bizim kimi yoxsulların nicat ulduzudur. Bir vaxt olar, beşguşəli ulduzun nuru sayəsində cəmi zəhmətkeşlər və fəqir-füqəra xoşbəxt və rahat yaşar. Şərəf. O günü görüb, ölsəydim, dərdim olmazdı. S a lma n. Görərsən, ana, tezliklə görərsən! Pərdə * * * İkinci şəkil Hacı Bayramın evinin qabağı. Hacı Bayram çarpayı üzərində döşəkcə üstündə əy- ləşmiş, yanında Molla Vəli. Qarşısında Salman və Mahmud ayaq üstündə durmuşlar. Molla Vəli, dizinin üstündə kağız, əlində qələm, ayağının altında qələmdan müntəzir əyləşmiş. Hacı Bayram (mollaya). Axund, necə ki deyirəm, elə də yazarsan. Molla Vəli. Bəli, buyur. (Hacı dedikcə yazır.) Hacı Bayram. Mən bu oğlanı, Salman İsrafil oğlunu bir ilin müddətinə nökər tuturam. Hər bir işə göndərməli olsam, boyun qaçırmamalıdır, haqqı ildə altmış manat nəqd pul, bir dəst paltar, bir cüt çarıq, yedikcə çörək. Yazdın, qurtardın? Molla Vəli. Bəli, qurtardım. Hacı Bayram. Mənim əvəzimdən qol qoy. Molla Vəli. Baş üstə. (Kağızı yazıb, verir Hacı Bayrama.) Buyur. Hacı Bayram (kağızı molladan alıb verir Salmana). Al, bu sənin sənədin, qoy cibinə, ya apar ver atan saxlasın. Salman. Hacı, bu kağız nahaqdır, sənin sözün mənə sənəddir. Hacı Bayram. Yox, oğul. İş möhkəm yaxşıdır. (Salman kağızı alıb qoltuq cibinə qoyur.) Axund, sən də buna bir nəsihət elə. Molla Vəli. Bilirsən nə var, oğul? Bu gündən sən, Hacı Bayramın itaətinə keçirsən. Hacının çörəyini yeyəcəksən, ona gərək düz və doğru qulluq edib, işinə haram qatmayasan. Əvvəla, qiyamətdə peyğəmbərin hüzurunda şərmisar olarsan, ikincisi, bu dünyada yediyin çörək gözünə durar. S a lm a n. Əlbəttə, molla dayı, hər adam boynuna götürdüyü işi gərək doğru və dürüstlüklə aparsın. Molla Vəli. Barakallah, oğlum. Yaxşı danışdın. Hacı Bayram. Molla, bu oğlanı mən çoxdan xoşlamışdım. Sirsifətindən kamallı oğlana oxşayırdı. İndi görürəm ki, səhv düşməmişəm. (Salmana) Doğruluqla qulluq elərsən, haqqını artıraram, xələt verərəm, qulluğunu artıraram. Bunu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm sizə bir qədər çörək verim. Sən də o çörəyin qədrini bilməlisən. Bunu da sənə deyirəm, qulağında yaxşı saxla. O avara müəllim Mirzə Həsəndən və onun kimi cibləri boş, ağızlarını Allah yoluna qoyub axmaq-axmaq danışanlardan uzaq ol. Onlardan adama ziyandan savayı bir şey dəyməz. Eşitdinmi? S a lma n. Bəli, eşitdim. Hacı Bayram. Mollanın nəsihəti qulağında qalsın. Salman. Baş üstə. Hacı Bayram. İndi səni tapşırıram bu Mahmuda. Sənin işini sənə bu göstərəcəkdir. (Mollaya) Di, axund, buyur gedək içəri, bir az çörək yeyək. Molla Vəli. Ya Allah. (Qalxıb hacı ilə gedir.) Mahmud bir qədər hacı ilə gedir. Hacı mollanı içəriyə buraxıb, dönüb Mahmudla bir qədər ahəstə danışır. Mahmud (qayıdır, Salmana). Ay gədə, Koroğlu! Sən indiyədək nökərçiliyin nə olduğunu bilməyibsən. Əllərinin qabığı nazikdir. İndiyədək atanı kor eləyən Allaha şükür eləyib, xalqın müftə çörəyindən yeyibsən. Mən sənə nökərçiliyin nə olduğunu anladım ki, sən də öz işini biləsən. Bax, burada səni işlədəcəklər, onu bil ki, tənbəl işləsən səndən qat-qat qabıq soyacaqlar. Adama altmış manatı müftə yerə verməzlər. Bu, dilənib qazanmaq deyil. Buna zəhmət haqqı deyərlər. Bu sözləri də qulaqlarında möhkəm saxla. (Çağırır.) Ay gədə, Rəhim! (Rəncbər Rəhim gəlir.) Bu Koroğlunu özünlə götür. Gedin hacının bağının ayağındakı qurumuş ərik ağacını yıxın yerə, balta ilə doğrayın, kötüyündən hər biriniz bir şələ odun qayırın, götürün gəlin. Rəhim. Mahmud dayı, axı acıq, bir tikə çörək yeyək gedək. Mahmud. Ay səni acından öləsən! Get Pərinisəyə de, bir çörək versin, aparın bağda ikiniz yeyin. Axşama da bişmişiniz olacaq. Zalım oğlunun yeməkdən savayı ayrı fikri yoxdur. (Gedir.) Rəhim (Salmana). Gəl, ay yazıq, özünü yaxşı tələyə salıbsan. Gedək Pərnisədən çörək alaq, düşək yola. Salman. Pərinisə kimdir. Rəhim. Pərinisə Mahmudun arvadının adıdır. Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Verdikləri çörəyin yarısı arpa olacaq, yarısı buğda, adamın boğazında ilişib qalacaq. Axşam da ki deyir, bişmiş olacaq, o da nehrədən çıxmış ayranın dovğası. Yeyib bir saatdan sonra yenə acacaqsan. Beləliklə işlə görüm, necə işləyəcəksən. Dördcə ay, artıq demirəm, bunun yanında davam gətirə bilsən, sənə Rüstəm pəhləvan deyərəm. Ya şikəst olacaqsan, ya xəstə olub ömrünün axırınadək bir böyrün üstə yatacaqsan. Salman. İşləyə bilmərəm, çıxıb gedərəm. Rəhim. Gedərsən, haqqın əlindən çıxar, zəhmətin də özünə qalar. Salman. Necə? Aybaay haqq verməyəcək? Rəhim. Ay bədbəxt, yazıq! Məvacib nədir? Səni bir il tamam işlədəcək, axırda da haqqının çoxunu balta sınığına, kəndir qırılmasına çıxıb, əlinə çöplə çəyirdək verəcək. Salman. A kişi, nə yaman adam imiş bu! Rəhim. Yainki vədən yavuqlaşanda üstünə bir oğurluq yıxıb, heç bir şahı da verməyəcək. Bəlkə özünü də bir az borclu çıxardacaq. Salman. Eybi yoxdur, bir neçə gün davam etmək olar. Rəhim. Nə dedin? Salman. Deyirəm yaxşı dolaşmışam. Rəhim. Hələ nə var ki! Ləzzətini sonra görəcəksən. Salman. İndi görürsənmi ki, Hacı Bayram bu dövləti nə yolla qazanıb? Rəhim. Kor ki deyiləm, əlbəttə görürəm. Onun dövlətinin hamısı bizim kimi fəqir-füqəranın qanıdır. Onun bu gördüyün evinin palçığı bizim qanımızla yoğrulub. S a lma n. Belə adamlara təzə dildə kulak deyirlər. Rəhim. Necə təzə dil? S a lma n. Mirzə Həsən belə deyir. Rəhim. Mirzə Həsən yaxşı oğlandır. Budur bir neçə ildir ki, onu buraya müəllim göndəriblər. Həmişə fəqir-füqəranın mənfəətinə çalışır. Salman. Rəhim, budur neçə aydır, mən axşamlar gedib Mirzə Həsəndən dərs alıram. Yaxşı yazıb-oxumaq öyrənmişəm. Onu İndiyədək atam da bilmirdi. Onu bil ki, bu günlərdə Azərbaycana təzə hökumət gələcək. Təzə qayda-qanun qoyacaq. Iş başında bundan sonra işçilər, kəndlilər olacaq. Bəylərin, xanların, kulakların yerlərini, mülklərini alıb camaata verəcəklər. Rəhim. Onu İndi hər yerdə danışırlar. Təzə hökumətin gəlməyini də camaat gecə-gündüz gözləyir. Odur ki, pristav da bir neçə gündür məlum deyil haraya gedib. Yüzbaşı da qaçıb gizlənibdir. Salman. Doğrudan da neçə gündür bizim yüzbaşı yoxdur. Deyirlər şəhərə gediblər. Rəhim. S a l m a n, Mirzə Həsənin yanına getsəm, mənə dərs verərmi? Salman. Niyə vermir. Rəhim. Onda gedəndə məni də apar. S a lma n. Çox yaxşı, apararam. Bu axşam gəl səni bir yerə aparım, orada bizim hər axşam yığıncağımız olur. Danışılan söhbətlərə sən də bir qulaq ver. Rəhim. Nə yığıncaqdır? S a lma n. Gedərsən, görərsən. Rəhim. Baş üstə, oynaya-oynaya gedərəm. Gəl gedək görək Mahmudun arvadı nə zəhrimar verəcək. Sənin üçün də oradan balta, çatı götürək. Gedirlər. Hacı Bayram (molla ilə içəridən çıxırlar). Axund, doğrudan, camaat arasında belə söz var. Molla Vəli. Mən sənə xəlvət deyirəm, bir adam bilməsin. Camaatın qulağını doldurublar, deyirlər təzə hökumət gəlir, Şura hökuməti. Müsavat vəzirləri hamısı qaçmağa yer axtarırlar. Pristavları, naçalnikləri tutub Dustaq eləyəcəklər. Mülkədarların evlərini, mülklərini əllərindən alıb camaata verəcəklər. Bunu bu saat hamı danışır. Hacı Bayram. Belə iş ola bilməz. Necə ola bilər ki, mənim zəhmət çəkib qazandığım, ya ata-babadan qalmış mülkümü əlimdən alıb versinlər kəndin ac-giclərinə? Molla Vəli. Danışılana görə, guya təzə hökumət deyir ki, bəylərin və hampaların dövləti kasıb və füqəranın zəhmətindən toplaşıb. Ona görə onlar əmlakını fəqir-füqəradan oğurlamış kimi olublar və bu oğurladıqları malı öz sahiblərinə, yəni füqəra və kasıblara qaytarmalıdırlar. Xülasə, hacı, sən də sərvaxt ol. Hacı Bayram. Mənə nə var? Mən pul verib, fəhlə tutub işlədib, özüm üçün güzəran qayırmışam. Bəy deyiləm, rəiyyətim yox, kəndkəsəyim yox. Beş-on baş mal-qoyunum var. Təzə hökumətin mənimlə heç bir işi ola bilməz. İndiyədək naloğu rus padşahına, müsavat hökumətinə vermişəm, İndi də təzə hökumətə verərəm. Bunlar hamısı o müəllim Mirzə Həsənin qondarmalarıdır. Molla Vəli. Mən sənin çörəyini yemişəm və səni xəbərdar eləməyi də özümə borc bilirəm. Hacı Bayram. Sağ ol, Allah atana rəhmət eləsin. Yaxşı olar ki, camaata da bir məsləhət eləyəsən, belə sözlərə inanmasınlar. Nə qədər olsa mollasan, sənin sözlərin camaatın qulağına batar. Molla Vəli. Mən bacardığım nəsihəti eləyirəm. Mahmud (hövlnak daxil olur). Hacı, İndicə kəndə bir atlı gəldi. Deyir, Qaraqullar kəndinin camaatı əli ağaclı, kürəkli tökülüb Rüstəm bəyin evini darmadağın dağıtdılar. Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Hacı Bayram (qorxmuş). A kişi, nə danışırsan? Amandır, deginən bu saat mənim atımı yəhərləsinlər, gedim görüm bu nə işdir. Mənim evim yıxılır. Bir həftə olmaz, gəlib məndən dörd yüz qızıl onluq borc alıb apardı. Amandır, Mahmud, tez ol, özün də atlan. Mahmud. Bu saat. (Yüyürür.) Hacı Bayram. Vay namərd! Deyilənlər doğruya oxşayır, evim yıxıldı. Güldəstə (içəridən hövlnak çıxır). Ata, haraya gedirsən? Hacı Bayram. Nə borcundur haraya gedirəm? Çəkil get içəri. Güldəstə. Ata, mən danışığının hamısını eşitdim. Getmə, səni öldürərlər. Hacı Bayram. Sarsağın qızı, məni kim öldürəcək?! Mən elə onda ölmüşəm ki, dörd min manat sarı qızıl pullarım əlimdən çıxır. Mahmud. Hacı, atlar hazırdır. Güldəstə. Getmə, ata, pul səni qazanmayır ki, sən pulu qazanırsan. Hacı Bayram. Çəkil cəhənnəmə, axmağın qızı. (Qızını itələyib Mahmudla gedir.) Pərdə * * * Üçüncü şəkil Həmin həyət. Güldəstə çarpayının üstündə məyus əyləşmiş, o yan-bu yana baxır. Salman və Rəhim, dallarında odun şələləri, daxil olurlar. Rəhim. A hacı qızı, niyə bikef oturubsan? Güldəstə. Nə eləyim, atamdan nigaranam. Rəhim. Biz gedəndə atan evdə idi. Necə oldu? Güldəstə. M a h m u d gəldi, xəbər gətirdi ki, Qaraqullar kəndinin camaatı bəyin evini tökülüb dağıdırlar. Rüstəm bəy də nökərləri ilə mehtərliyə girib rəiyyəti ilə atışır. Atam eşitcək atını minib çapdı. Qorxuram atamı öldürərlər. Rəhim. Qorxma, heç zad olmaz. Atan tək getdi? Güldəstə. Yox, M a h m u d da onunla getdi. Salman. R ə h i m qardaş, deyəsən Bakıda təzə hökumət dikəlib. Müsavat yıxıldı. Biz bunu bir həftə bundan sonra gözləyirdik. Çox tez oldu. Yaşasın yoldaşlar. Rəhim. Necə yoldaşlar? Salman. Şura hökumətində böyük-kiçik yoxdur, hamı yoldaşdır. Bundan sonra mən də sənə yoldaş Rəhim deyəcəyəm. Rəhim. Mən də sənə yoldaş Salman. Salman. Yox, Mahmud mənə ad qoydu: Koroğlu. O mənim atamın korluğuna sataşdı. Amma ad mənim çox xoşuma gəldi. Rəhim. Yaxşı, yoldaş Koroğlu. Güldəstə. Ay Rəhim, nə söyləyirsiniz, təzə dil danışırsınız? Rəhim. Təzə dildir. Bir azdan sonra sən də öyrənərsən. Buraya bax, ay Güldəstə, axı sən bir yaxşı qızsan. Sən atanın canı, bir az bizə atan yeyən çörəkdən gətir yeyək, acından ölürük. Mən yenə öyrənmiş canam, bu yazıq Koroğlunun işi lap xarabdır. Mahmud verdiyi arpalı çörək ilişib boğazında qalır. Güldəstə. Yaxşı, bu saat gedim gətirim. Rəhim. Səni görüm boya-başa çıxasan, çörəyin üstünə bir az yavanlıq da qoy. Güldəstə. Yaxşı. Nəmi bağlı olmasa yavanlıq da gətirərəm. (Gedir.) Rəhim. Bilirsənmi, yoldaş Koroğlu, bu necə yaxşı qızdır! Heç atasına oxşamayıb. Bu olmasa biz burada acından qırılarıq. Məlun oğlu məlun Hacı Bayram bizə arpalı çörəklə ayran dovğasından başqa bir şey vermir. Hacı Bayramdan bədtər də onun sağ əli Mahmuddur. Ağanın malı gedir, muzdurun canı. Bizə, düşəndə, bir qırıq ət veriləndə gözü çıxır. Güldəstə (içəridən çıxır). Ala, yeyin, bu çörək, bu da yağ-şor. Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir. Rəhim. Ver buraya. Bəxtimiz kəsib. Al, Koroğlu, Güldəstənin dövlətindən doyunca yeyək. Güldəstə (Salmana). Sənin adın Koroğludur? Salman. Yox, Salmandır. Mahmud dayı mənim adımı Koroğlu qoydu. Mən, kor İsrafil kişinin oğluyam. Amma bu ad mənim xoşuma gəldi. Istəyirəm elə bundan sonra hamı mənə Koroğlu desin. Güldəstə. Mən də Koroğlu deyim? S a lma n. Elə hamı desin. Güldəstə. Yaxşı. (Gedir.) Rəhim (Salmana). Di gəl otur çörək yeyək. Çarpayının üstündə qabaqqarşı əyləşib çörək yeyirlər. Sal ma n. Ye, yoldaş, öz malın kimi ye. Rəhim. Əlbəttə, öz malımdır. Sal ma n. Ay Rəhim, belim belə pis ağrıyır ki. Rəhim. Odun şələsindən belinə ağırlıq düşüb. Sal ma n. Ziyanı yoxdur. Bu gün mənim belim ağrıyar, sabah da başqalarının. Yaşasın Şura hökuməti! Rəhim. Yaşasın Şura hökuməti! Sal ma n. Rəhim, sevindiyimdən çörək yeyə bilmirəm. Gəl bir öpüşək. Rəhim. Gəl! Öpüşürlər. Molla Vəli (müztərib halda daxil olur). Rəhim, Hacı Bayram evdədir? Rəhim. Hacı Qaraqullara getdi. Molla Vəli. M a h m u d haradadır? Rəhim. O da onunla getdi. Molla əmi, buyur çörək yeyək. Molla Vəli. Rəhmətlik uşağı, çörək nədir?! Mollanın yadından çörək də çıxıb, su da çıxıb. Qaraqullardan gələn atlı nə danışıbsa, kəndin camaatı bir-birinə qarışıb, budur, hamısı buraya gəlir. Camaat cavan, qoca yavaş-yavaş səhnəyə gəlirlər. Birincikəndli (əllərini ölçərək və o yan-bu yana baxaraq). Qardaşlar, kişilər doğru danışırlar. Nə səbəbə biz işləyək, bəylər, xanlar, hacılar yeyib kökəlsinlər? Onlar da bizim kimi adam deyillərmi? İşləsinlər, əllərinin əməyini yesinlər. Nə deyirsiniz, qardaşlar? Birneçəsəs. Doğrudur, doğrudur, belədir ki var. Molla Vəli. Camaat, bir qədər sakit olun. (Hamı sakit olur.) O Qaraqullardan gələn oğlan buradadırmı? Oğlan (yeriyir irəli). Bəli, buradayam. Molla Vəli. Söylə görək bu nə xəbərdir gətiribsən? Oğlan. Bizim kəndlilərdən birisi neçə il idi getmişdi Bakıya. Orada neft mədənlərində işləyirdi. O, bu səhər Bakıdan gəlib xəbər gətirdi ki, Bakıda təzə hökumət quruldu. Deyir: pristavları, qalabəyini, qubernatı – hamısını tutub Dustaq elədilər. Varlıların, tacirlərin, mülk sahiblərinin var-yoxlarını siyahıya vurub əllərindən alıblar. Camaata, fəqir-füqəraya, işçilərə paylaşdıracaqlar. Bu xəbəri eşidən tək camaat töküldü Rüstəm bəyin evinin üstünə. Dedilər, bəyin hər nə maldövləti var əlindən alıb camaata paylaşdıracağıq. Bəy də mehtərliyə girib onlarla atışır. Məni buraya göndərib dedi, get, Hacı Bayrama xəbər ver, başının çarəsini qılsın, bir belə gün də onun var. Birincikəndli. Belədir ki var. Hacı Bayram İndiyədək bu camaatın qanını soyubdur. Bu dörd oymaqda bir nəfər varmı ki, ona borclu olmasın? Nə qədər pul verirlər müamiləsinin altından çıxa bilmirlər. Burada bir Hacı Bayram deyil, ondan savayı da neçə hampa var. Hamısı gərək cəzalarına çatsınlar. İkincikəndli. Məsələn, Hacı Novruz. Üçüncükəndli. Xədicə oğlu Məşədi Əhməd. Dördüncükəndli. Cəbrayıl oğlu Kərbəlayı Allahverdi. Molla Vəli. Camaat, bir sakit olun. (Hamı sakit olur.) Siz Allah, peyğəmbərə, şəriətə inanırsınız, ya yox? Xudavəndi-aləm göydən Quran göndərib və onun peyğəmbərləri də bizə şəriət qoyub gediblər. Bizim hamımızın başı o şəriətə bağlıdır. Hər şəxsin ruzisini Allah özü verir. Bəzi şəxslərə xudavəndi-aləm məsləhət bilib çox ruzi verir, bəzilərinə az. Bu hamısı onun öz qüdrət əlindədir. Özgənin malına qəsd edən cəhənnəmin odunu bu dünyada özü üçün satın alır. Hacı Bayramın da, Hacı Novruzun da və o birilərinin də dövləti Allah tərəfindən verilmiş və onlara qəsd edənlər kafirlərlə bir yerdə qiyamətə gedəcəklər. Bakıdan gələn oğlanın söylədiyi yalandır, belə yalanlara inanıb, dininizi, imanınızı əldən verməyin. Birincikəndli (yanındakına). Gör necə ağzından od tökür! Görünür cibinə ziyandır. İkincikəndli. Əlbəttə, cibinə ziyandır. Onun göbəyinin piyi hacıların plovundan deyilmi? Molla Vəli (Qaraqullardan gələnə). Oğlan, o Bakıdan gələn, təzə hökumətdən daha nə söyləyir? Bu yenə padşah hökumətidir, ya başqa bir şeydir? Oğlan. Xeyr, axund, bu hökumətə Şura hökuməti deyirlər. (Camaat arasında səslər: Şura hökuməti, Şura hökuməti!) Bu hökumətin qoşunu da, nun sözünə görə, padşah qoşununa bənzəmir. Deyir: saldatlar böyüklərinə və böyüklər saldatlara yoldaş deyirlər. Deyir: bu saat Bakıda hamı bir-birinə yoldaş deyir. Saldatların başlarında şapka yoxdur, papaqları əzgil çeşnisindədir və alınlarında da beşguşəli ulduz var. Molla Vəli. Sədəqə ya rəsulallah, sədəqə ya rəsulallah! Həzərat, hədisdə buyururlar ki, bir zaman gələcək, camaat dindən, imandan, ruhanilərdən uzaqlaşacaq. O zaman dəccal zühur edəcək və xalq dini, imanı unudub onun dalınca gedəcək. Yazırlar ki, dəccalın qoşunlarının alınlarında bircə gözləri olacaq. Bu haman beşguşəli ulduzdur ki, buyurublar və illahi insan bir gözlü olmaz. Amandır, camaat, dini, məzhəbi, imanı unudub bu dəccal qoşunun dalına düşməyin. Sonra peşmanlıq yerini almaz. Camaatarasındasəs. Mirzə Həsən gəlir! Mirzə Həsən gəlir! Görək bu işə o nə deyəcək. Mirzə Həsən (daxil olub, çıxır çarpayının üstünə). Camaat! Bakıdan işçi-kəndli hökumətinin qurulmasının xəbəri bu gün buraya da çatdı. Mən eşitdim ki, siz Qaraqullar xalqı kimi ağlınızı uduzub, buradakı varlıların evlərini, mallarını talan eləmək istəyirsiniz. Qaraqullar böyük səhv eləyiblər, onlar öz əlləri ilə öz mallarını dağıdırlar. Doğrudur, təzə hökumətin qanuna görə varlıların əllərindəki dövlət, mal gərək camaata verilsin, amma bu da qol zoru ilə, gücnən, güclükdə olmaz, qanun üzrə olar. Zorla ev dağıtmağı, mal dağıtmağa heç bir hökumət qəbul etməz, xüsusən, Şura hökuməti. Gedin, sakit əyləşin evlərinizdə. Bu günlərdə hökumət tərəfindən adamlar gəlib, necə ki lazımdır tədbirlər edərlər və qanun üzrə də varlıların əllərindəki maləmlakı camaat ixtiyarına verərlər. Birincikəndli. Sağ olsun Mirzə Həsən! Ağıllı söz deyir. Camaat, dağılın gedək evlərimizə. Mirzə Həsən. Ancaq gözətçi qoymalısınız ki, Hacı Bayram və o biri hampalar kənara mal qaçırmasınlar. Burada bir neçə adam təyin etməlisiniz. Birincikəndli. Biz sənə inanırıq, hər kəsi sən təyin etsən, biz razıyıq. Mirzə Həsən. Çox yaxşı. Biri Səfi, biri Səfər oğlu Cabbar, biri Dünyamalı, biri Şeyxalı, biri Rəhim, biri də İsrafil oğlu Salman, hamınızdan yoxsul Salman olduğundan, onu seçilənlərə başçı təyin eləyirəm. Səslər. Razıyıq, razıyıq! Rəhim. Mirzə Həsən, burada Salmanın adını dəyişib Koroğlu qoyublar. Salman. Mənə bundan sonra hamı Koroğlu desin Mirzə Həsən. Yaxşı, sənin adın oldu Koroğlu. Ümidvaram ki, Şura hökumətinin yolunda Koroğlu kimi hünər göstərəcəksən. Salman. Mən Şura hökumətinin yolunda hər dəqiqə ölməyə hazıram. Birincikəndli. Ay sağ ol, Koroğlu! Mirzə Həsən. Di dağılın, gedin evlərinizə. Seçilən adamlar da işlərində olsunlar. Salman (Mirzə Həsənə). Mirzə, camaata bir sözüm var. Mirzə Həsən. Çıx buraya, mənim yanıma. Bu sənin birinci çıxışın olsun. Salman (çıxır çarpayının üstünə). Camaat! Sizin aranızda Molla Vəli kimi ara qarışdİranlar var. Hampaların uşaqları, həmçinin oğru, dələduzlar var ki, ara qarışdırıb, ciblərini doldurmağa çalışacaqlar. Ona görə kəndin sakitliyini gərək kəndin cavanları öhdələrinə götürsünlər. Bircavanoğlan. Mən hamı kənd cavanları tərəfindən söz verirəm ki, kənddə necə ki lazımdır, rahat və farağatlıq gözləniləcək. Salman. Sağ ol, yoldaş. Əlavə, hampaların nökərləri, rəncbərləri, çobanları, naxırçıları və bağbanları bilsinlər ki, onlar hamısı zəhmətkeşlər balalarıdırlar və qoruduqları mal, dövlət camaatın malıdır. Gərək bir qoyunun, bir quzunun, bir qaramalın tələf olmasına yol verməsinlər. Səslər. Sağ ol, Koroğlu, sağ ol! Salman. Di gedin evinizə, rahat oturun. Seçilənlər qalsın burada, danışıb məsləhətləşək. Mirzə Həsən də bizimlə qalsın. Mirzə Həsən. Xub, qalaram. Camaat dağılır. Molla Vəli (dalca, əllərini yuxarı qovzamış gedir). Xudaya, pərvərdigara, dindən, imandan uzaqlaşmış bəndələrini özün haqq yola dəlalət elə. Pərdə * * * Dördüncü şəkil Molla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və kəndin sair hampa və ağsaqqalları. Hacı Novruz (mollaya). A Molla Vəli, sən, nə qədər olsa, dünya görmüş bir adamsan. Təbriz, Tehran kimi böyük şəhərlər görübsən. Neçə il Kərbəlada dərs oxuyubsan. Allahın elmindən xəbərin var. Bircə söylə görək, bu gələn hökumət necə hökumətdir? Haradan gəlib? Necə zakonlar gətiribdir? Molla Vəli. Qabaqca bir Hacı Bayram danışsın görək Qaraqullarda nə görüb, nə eşidib. Sonra mən də öz sözümü deyərəm. Səslər. Hacı Bayram, söylə görək. Hacı Bayram. Camaat, mən gördüyümü heç kafir bəndə görməsin. Getdim gördüm yazıq Rüstəm bəyin evini camaat dörd tərəfdən bürüyüb. Qapısında nə qədər atı, malı var idi, qovub aparıblar. Qoyunların sürüsü ilə düzdən yox olub. Bəy özü bir neçə nökərlə evə girib, atışırlar. Mən daha yavuğa gedə bilmədim. Atı döndərdim Hacı Murtuzanın evinə. Gördüm kişinin rəngi qaçıb, bədəni titrəyir. Məni görəndə rəngi üzünə gəldi. Xəbər aldım: ay hacı, bu nə işdir? Dedi: nə danışım? Onu bilirəm ki, bir belə gün də mənim və sənin üçün var. Hacı Novruz. Pərvərdigara, yaratdığın bəndələrin fikrini özün çək. Məşədi Əhməd. Xalq Allahdan üz döndərib, namaz qılmaz, oruc tutmaz, Allah da göydən bəla göndərər. Molla Vəli. Qoyun kişi sözünü qurtarsın. Hacı Bayram, söylə görək axırı necə oldu? Hacı Bayram. Atışma neçə saat gedəndən sonra birdən kəsildi. Biz dedik ki, yəqin Rüstəm bəyi də öldürürdülər, külfətini də qırdılar. Sonra xəbər gəldi ki, qəflətən camaat hücumu dayandırıb, hər kəs evinə çəkildi. Səbəbini soruşdum, dedilər: sizin müəllim Mirzə Həsənin sifarişinə görə camaat atəşi dayandırdı. Ancaq kəndin neçə cavanları Rüstəm bəyin evinin ətrafında qarovulda durublar və mal-qoyunu da toplayıb beş nəfər füqəradan seçilmə vəkillərə tapşırıblar. Hacı Novruz. Yaxşı, Mirzə Həsən qotur müəllimin biri, cibində bir qəpik pulu yox, nə böyük şey olubdur ki, camaat öz ağsaqqallarını qoyub, onun ağzına baxırlar? Molla Vəli. İndi əyyam belədir. Daha ağsaqqallara qulaq verən yoxdur. Hacı Novruz. Vaxta ki bir Mirzə Həsənin sözü ilə camaat haqqımızda bildiyini eləyəcək, daha biz nə durub baxırıq? Vaxt ikən başımızın çarəsini qılaq. Məşədi Əhməd. Başımızın çarəsi, baş götürüb bu vilayətdən qaçmaqdır. Hacı Novruz. Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotu-bambılıları, ac-gicikləri aradan götürməkdir. Cib boş, qarın boş, baş boş. Bilmirəm o nə atılıb-düşür. Məşədi Əhməd. Onu mən öhdəmə alıram. Hacı Novruz (mollaya). Axund, bu işə sən nə deyirsən? Molla Vəli. Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Onu öldürən müsəlmana behişt vacibdir. Hacı Novruz. Molla Vəli, bir de görək, bu hökumət haqqında kitabda, Quranda bir xəbər varmı? Molla Vəli. Bəli, var. Mən dünən yığıncaqda da dedim, yenə təkrar eləyə bilərəm. Bu gələnlər, bizə hədisdə xəbər verilən dəccalın qoşunudur. Onun dalınca gedənlər bidin və biimanlardır. Bunların fikri sərvətdarların əmlakını, pulunu və malını əllərindən alıb füqəraya verməkdir, çünki xalqın əksəri kasıbdır, çox adamlar müftə dövlətə susayıb cəm olacaqlar. Bizim borcumuz bunların dəfi üçün hər yolla çalışmaqdır. Kərbəlayı Allahverdi. Camaat gərək silahlanıb bu kafir qoşununun qarşısına çıxsın. Molla Vəli. Əlbəttə lazımdır. Burada cahad vacib gəlir. Belə müharibədə ölənlər hamısı şəhid zümrəsində olacaqlar. Hacı Novruz. Bu yolda hamı gərək malından-canından keçsin. Məşədi Əhməd. Heç kəs boyun qaçırmaz. Səslər. Hamımız bacardığımız qədər bu yolda pul qoymağa hazırıq. Kərbəlayı Allahverdi. Cavanlara etibar yoxdur. Onların hamısı MirzəHəsə nin özü ilə durub-otururlar. Hacı Novruz. Cavanlar hamısı axmaq deyillər. Mən özüm iki oğlumla boynuma kəfən salıb gedərəm. Molla Vəli. Mən moizə elərəm, nəsihət elərəm. Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar. Məşədi Əhməd. Kərbəlayı Allahverdi doğru söz deyir, cavanlara bel bağlamaq çətİndir. Onlar bizim kimi ağsaqqalları, axund kimi alimləri buraxıb gedib Mirzə Həsən kimi boşboğazların sözünə baxacaqlar. Molla (Məşədi Əhmədə). Mirzə Həsənin haqqında fikir çəkməyi İndi özün öhdənə aldın. Məşədi Əhməd. Almışam, sözümün də üstündə duracağam. Mo lla Və livəqalanları. Çox gözəl, çox gözəl! Hacı Novruz. Sabahdan camaatın arasına adam salıb, qüvvət hazır eləməlidir. Söz lazım olan yerdə söz, pul lazım olan yerdə gərək pul müzayiqə olunmasın. Məşədi Əhməd. Hacı Bayram, sən niyə bir söz demirsən? Hacı Bayram. Siz öz işinizdə olun, mən danışacağım vaxtı bilirəm. Molla Vəli. Camaatı başa salmalısınız ki, təzə hökumətin qərarına görə, bizim arvadlarımız hamısı rus arvadları kimi başlarını açsınlar. Qızlar oğlanlarla gedib məktəblərdə dərs oxusunlar. Kərbəlayı Allahverdi. Bu biabırçılığı kimin namusu qəbul edə bilər? Səslər. Hamımız qırılmağa hazırıq. Molla Vəli. Xudavəndi-aləmdən sizin bu gözəl iqdamatınıza tofiq istəyirəm. Amin ya rəbbülaləmin. Pərdə * * * Beşinci şəkil Kənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş. Birincikəndli (yanındakına). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun. Səfiqulu. Bunu, deyirlər, lap içəridən göndəriblər ki, camaata təzə hökumətin zakonunu öyrətsin. Birincikəndli. Keçmişdə kəndə pristav gələrdi, naçalnik gələrdi, heç divanxanaya bayraq vurmazdılar. Səfiqulu. Odur Koroğlu keçir. Bir onu buraya çağır. O çox içəriyə girib-çıxır. O, bizə dürüst xəbər verər. Birincikəndli. Ay Koroğlu, bir bəri gəl, sözüm var. Koroğlu (gəlir). Nə deyirsən? Birincikəndli. Bircə de görüm bu gələn adam kİmdir ki, onun gəlməyinə görə buraları belə bəzəyibsiniz? Bizi buraya nə üçün çağırıbsınız? Koroğlu. Bu yoldaş Bakıdan gəlibdir ki, təzə hökumətin qanununu camaata bildirsin və əlavə kənd şurası və idarəsi haqqında lazım olan qanunları camaata öyrətsin. Səfiqulu (Koroğluya). Yavaş görüm, o necə yoldaşdır, kimin yoldaşıdır? Koroğlu (gülür). Mənim, sənin, onun, hamının yoldaşı. Təzə hökumətin nəzərində böyük, kiçik yoxdur, hamı yoldaşdır. Tələsirəm, işim var, indi yoldaş çıxar, hər bir iş aydınlaşar. (Gedir.) Birincikəndli. Səfiqulu, bir şey başa düşdün? Səfiqulu. Heç bir şey başa düşmədim. H ökumətdə, görmüşük, biri ağa olar, biri nökər, biri bəy, xan, ya padşah olar, qalanı rəiyyət. Yoldaş nədir? Hökumət adamından da yoldaş olarmı? Heç zad başa düşmürəm. Birincikəndli. Dayan, axırını gözləyək. İdarənin qapısı açılır. Içəridən neçə nəfər həyətə çıxırlar. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər. Koroğlu (ayağa durub, əl çalır). Yoldaşlar! (Hamı sakit olur.) Bu gün təzə hökumətimizin, Şura hökumətinin vəkilləri bizim kəndə təşrif gətiriblər. Onların, bizim İndiyədək bəylər, xanlar, dövlətli hacılar ayaqları altında tapdalanan kəndimizə gəlməklərini ürəkdən alqışlayıb deyirik: yaşasın Şura hökuməti! (Xalq əl çalır. Yoldaşlar qalxıb baş əyirlər.) İndi söz verilir yoldaş Cavadova. Birincikəndli. Eşitdin? Cavadov! Mən dedim, yəqin təzə hökumət buraya öz yaranalarından birini göndərib. Bu ki heç hökumət adamına oxşamır, özü də müsəlman. Cavadov. Yoldaşlar! Səfiqulu (birinci kəndliyə). Danışma, görək nə deyir. Cavadov. Yoldaşlar! Üç il bundan qabaq Rusiyanın işçi və kəndliləri yüz illərlə onları əsarət zəncirində saxlayan çar hökumətini yıxdılar. Bir il ondan sonra Azərbaycanda müsavat hökuməti quruldu. Siz hamınız milli hökumətin gəlməyinə şad olub bayram etdiniz. Lakin müsavat hökuməti sizin üçün çar hökumətindən bədtər oldu. O səbəbdən Azərbaycanın işçi və kəndliləri Şura hökumətini köməyə çağırdı. Şura hökuməti onların xahişini qəbul edib, Azərbaycana qoşun göndərdi. Səslər. Yaşasın Şura hökuməti! Yaşasın işçi-kəndli hökuməti! Koroğlu. Dayanın, yoldaşlar, qoyun yoldaş Cavadov sözünü tamam eləsin. Cavadov. Şura hökuməti, yoldaşlar, xalq hökumətidir. Hər şəhərin, hər kəndin əhalisi öz-özünü idarə edəcək. Siz burada etibar etdiyiniz adamlardan vəkillər seçəcəksiniz ki, onların yığıncağına kənd şurası deyəcəklər. Kənd şurası icraiyyə komitəsi seçəcək, yəni neçə nəfər seçib onlara hökumətin qətnamələrinin və qərarlarının yeridilməsini tapşıracaqlar. Beləliklə, kənd öz işlərinin həllini naçalniklərdən, pristavlardan gözləməyəcəklər, işlərini özləri həll edəcəklər. Səslər. Yaşasın belə hökumət! Ura!.. Birincikəndli (Səfiquluya). İndi başa düşdünmü? Səfiqulu. Çox gözəl başa düşdüm. Min pristav və naçalnik bu oğlanın bir tükünə Qurban olsun. Cavadov. Sizin aranızda hampa, qolçomaq kəndlilər var. Onlar da gərək camaat ayağından işləsinlər və Şura hökumətinə sədaqətlə qulluq edəcəklərinə söz versinlər. Bunu da bilsinlər ki, Şura hökuməti xainlərlə amansız rəftar edəcəkdir. Hacı Bayram (camaat arasından ayrılıb, irəli gəlir). Cənab vəkil... Cavadov. Burada cənab-mənab yoxdur. Hamı yoldaş, hamı qardaşdır. Hacı Bayram. Yoldaş vəkil, söylədiyiniz hampaların biri mənəm və məndən savayı da bir neçə nəfər var. Mən hamının tərəfindən vəkil olub deyirəm ki, malımızı, mülkümüzü Şura hökumətinə Qurban verib, canımız çıxanadək hökumətə doğruluqla qulluq eləməyi vəd edirik. Birincikəndli (Səfiquluya). Eşidirsən nə şirin dillər tökür? Cavadov (Hacı Bayrama). Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Siz dövləti həmin kəndlilərin zəhmətindən qazanıbsınız. Hacı Bayram. Bəli, belədir, ağa. Düz buyurursunuz. Cavadov. Ağa demə, yoldaş de. Hacı Bayram. Bağışlayın, yoldaş. Gözümüzü açıb hökumət adamlarına ağa demişik, dilimiz öyrənibdir. Cavadov. İndi də diliniz belə öyrənsin. Mən ürəkdən istəyirəm ki, sənin və yoldaşlarının vədləri sidqi-dildən olsun. Hacı Bayram. Sidqi-dildən! Cavadov. Yoldaşlar! Daha Şura hökumətinin nə olduğunu və nə məqsədlə gəldiyini anladınız? Səslər. Çox gözəl anladıq. Sağ olun. Yaşasın Şura hökuməti! Ura! Ura!.. Birincikəndli (Cavadova). Yoldaş, mən də bir söz deyə bilərəmmi? Cavadov. Çox yaxşı deyərsən. Birincikəndli. Camaat! Yoldaşlar! Bizim indiyədək qazandıqlarımızın hamısı Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd ağa kimi adamların ciblərinə dolubdur. Bu kənddə və ətraf kəndlərdə az adam tapılar ki, onlara borclu olmasın. Hacı Bayram, doğrudur, burada söz verdi. Amma mən imanım, mən atamın goru, bu sözlər ürəkdən deyildi. O, malının, dövlətinin fikrindən gecələr yata bilməyəcək. Ona görə də onun sözünün, vədələrinin dürüst olmasını yəqin eləməyincə onları kənd seçkisinə yavuq qoymaq olmaz. İndiyədək camaat onlara baş əyib, indi də onlar camaata baş əysinlər. Səslər. Doğrudur, doğrudur! Cavadov. Bu sizin öz işinizdir. Əlbəttə, etibar eləmədiyiniz adamları camaat işlərinə buraxmazsınız. Yoldaşlar! Şura hökumətinin müvəffəqiyyətlə yeriməsinə vacib səbəblərdən biri də savaddır. Azərbaycanda hər yüz adamdan ancaq ikisinin savadı var, doxsan səkkizi savadsızdır. Şura hökuməti heç vədə bunu qəbul edə bilməz. Gərək məmləkətdə bir nəfər də bisavad kişi və qadın olmasın. Bu saat burada yeddi kəndin bir məktəbi var, o da rus məktəbi. Şura hökuməti hər kənddə məktəb açacaq. Böyük kəndlərdə iki-üç məktəb açıb. Şura hökumətini yaradan və onun başında duran Leninin əmrinə görə bu məktəblərdə şagirdlər öz ana dillərində dərs oxuyacaqlar. Savadsız kor məqamındadır və köhnə hökumətlər camaatı avamlıqda və korluqda saxlayıblar. Şura hökuməti bunu qəbul edə bilməz. Daha, yoldaşlar, mən sözümü qurtardım. Burada mənimlə gələn yoldaşlardan birisi qalıb, yoldaş Koroğlu ilə bir yerdə kənd şurası seçkisini aparacaqlar. Hər bir çətinliyi onlardan xəbər ala bilərsiniz. Daha sağ olun. Yaşasın Azərbaycanın işçi və kəndliləri! Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!.. Məktəb uşaqları əllərində balaca qırmızı bayraqlar, qabaqlarında Mirzə Həsən, səhnəyə daxil olurlar. Mirzə Həsən. Yoldaşlar! Səfiqulu. Baho! Bu da “yoldaşlar” deyir. İndiyədək dinmirdi. Mirzə Həsən. Yoldaşlar! Sizin məktəbdə oxuyan balalarınız Şura hökumətini təbrik etməyə gəlmişlər. Onlar deyirlər ki, biz məktəbə ancaq üç sənə oxuyub çıxandan sonra xalqa bir fayda verə bilmərik. Çünki savadımız az olur. Biz bundan sonra yeddi il və daha çox oxumaq istəyirik. Cavadov. Yoldaş müəllim! Balaları təmin eləyin ki, Şura hökuməti məktəblərdə mükəmməl təlim və savad verməsə, vəzifəsini ifa etməmiş olur. Mirzə Həsən. Bu mənim yəqinİmdir. Biruşaq. Biz məktəb uşaqları vəd edirik ki, yaxşı oxuyaq və bizim əziz atamız Lenin göstərən yolla həmişə düz gedək. Uş aqlarınhamısı. Ura!.. Ura!.. Cavadov (uşağı öpür). Barakallah! Siz Şura hökumətinin gülləri, çiçəkləri və gələcək ümidisiniz. Mirzə Həsən (camaata). Yoldaşlar! Axşamlar məktəbimizdə böyüklər üçün savad dərsi veriləcək. Xahiş edənlər gəlib türkcə oxuya bilərlər. Gərək kənddə bir nəfər də savadsız olmasın. Cavanlardansəs. Gələrik, hamımız gələrik. Koroğlu. Kənd əhalisinin iclası qapandı. Hər kəs evinə gedə bilər. Sabahdan kənd şurası seçkisinə qədəm qoyacağıq. Yaşasın Şura hökuməti! Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!.. Camaat dağılır. Vəkillər içəri gedirlər. Uşaqlar dəstə ilə geri dönürlər. Molla Vəli (Hacı Novruza). İndi gördün ki, mən hər şeydən baxəbərəm? Camaatın noxtasını verəcəklər kor İsrafilin oğlu kimi itqurdun əlinə və arvadlarınızın hamısını da fahişə edəcəklər. Hacı Novruz. Gedək, Allah kərİmdir. Bunlar saydıqları dursun, görək fələk nə sayıbdır. Molla Vəli (əllərini yuxarı qovzayır). Xudaya, pərvərdigara, özün yaratdığın bəndələrini şeytan şərindən mühafizə elə! Pərdə * * * Altinci şəkil Molla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd, Kərbəlayı Allahverdi və s. kulaklar. Molla Vəli. Camaat, mən sizə deyəndə ki, bu gələn hökumət dəccal hökumətidir, inanmırdınız. İndi gözlərinizlə görüb, qulaqlarınızla eşidirsiniz. Deyirlər gərək hamı oxusun, qızlar, oğlanlar bir-birinə qarışıb məktəbə getsinlər. Bunun nəticəsini anlayırsınızmı? Bir nəfər namusu olan belə təklifi qəbul edə bilərmi? Hacı Novruz. Axund, and olsun oxuduğun Qurana və atamın goruna, mənim, ayıb olmasın, iki qızım var, ikisinin də başını it qibləsinə kəsərəm, amma oğlanlarla bir yerdə məktəbə göndərmərəm. Kərbəlayı Allahverdi. Kim göndərər ki? Xalq məgər namusdan keçibdir? Molla Vəli. Bunun qarşısında tədbir lazımdır. Kərbəlayı Allahverdi. Ay axund, yenə bu işlərdə hamımızdan çox bilən sənsən. Allahın əmrini, peyğəmbərin şəriətini bilirsən. Necə ki Allah buyurur, elə də bizə yol göstər, biz də o yolla gedək. Molla Vəli. Yol aydındır. Şəriət demir ki, xalq elm öyrənməsin, övladını oxutmasın. Ancaq elm də var, elm də var. Elm Allahın elmidir, islam dininin üsuludur, elm xalqın düz şəkkiyyat və səhviyyatını öyrənməsidir. Yoxsa müəllim Mirzə Həsən öyrədənə elm deməzlər: Yer göyün başına belə dolanır, ayın tutulması yerin gün ilə ayın arasına girməsindəndir. Nə bilim, insan meymundan əmələ gəlib... Belə-belə cəfəngiyatın adını elm qoyublar. Oruc bilməzlər, namaz bilməzlər, təharət tanımazlar. Istəyirlər camaatın balaların da özləri kimi kafir eləsinlər. Hacı Novruz. Heç kəs bunu qəbul eləməz. Məşədi Əhməd. Ay canım, bilmirəm bu məktəb məsələsi nə idi axund saldı ortalığa. Canım, hər kəs öz uşağının sahibidir. Kefi istər uşağını məktəbə göndərər, istəməz göndərməz. Kimin nə ixtiyarı var gəlib mənim uşağımı zorla tutub oxutmağa aparsın? Molla Vəli. Bu gün-sabah onu da eləyəcəklər. Məşədi Əhməd. Heç kəs mənim qapıma da dolana bilməz. Bu işlər asandır. Buna nə deyirsiniz ki, budur bizim var-yoxumuzu hesaba götürüblər, adımızı oğru qoyublar. Deyirlər siz dövləti camaatın zəhmətlərindən qazanıbsınız. Ona görə sizin var-yoxunuz camaatındır, gərək qaytarıb camaata verəsiniz. Mənim gözüm baxa-baxa kor İsrafilin oğlu mənim varyoxuma sahiblik eləsin? Məgər bunu Allah götürər? Hacı Novruz. Xalq mənim üçün müftə, atası ehsanına işləməyibdir. Cığ-cığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Mən nə vaxt camaata yalvarmışam ki, gəlib mənim üçün işləsinlər, mən də pul qazanıb doldurum cibimə? Məşədi Əhməd. Məni yandİran bir şeydir. Əlimlə çörək verdiklərim gəlib mənim bədimə getdilər. Məni çağırıb soruşurlar ki, neçə qoyunun, neçə malın-atın var? Mən də azda-çoxdan hesab verdim. Bu halda, – siz Allah, tamaşa eləyin, danışanda canım od tutub alışır, – bu halda çobanım ortalığa atılıb mənim mal-qaramın hesabını verir. Ax, a zalım oğlu! Əlbət bir də müsavat hökuməti geri qayıdar, sənin yeddi arxa dönənlərinə od vuracağam. İndi, axund, mal, maya əldən getdi, sən bizə bir dürüst yol göstər. Yox, belə getsə, hamımız acımızdan qırılacağıq. Molla Vəli. Qabaqca acından ölənin biri mən olacağam. Mən camaatla dolanıram. Camaat da, kafirlər aldadandan sonra, kafir olub bilmərrə Allah yolundan dönəcəklər. Uşaqlar gedib Mirzə Həsənin xarabasında bir az şaltay-baltay öyrənib gələcəklər ki, – nəuzöbillah, – Allah yoxdur. Hamısı dindən uzaqlaşacaqlar. Kərbəlayı Allahverdi. A Məşədi Əhməd, Mirzə Həsənin başdan eləməsini boynuna götürmüşdün, bəs necə oldu? İndi belə ağzı odlu danışırsan. Məşədi Əhməd. Neyləyim, nökərlərə ümid oldum, hamısı məndən üz döndərdilər. Mirzə Həsən zalım oğlu da quyruq ələ vermir. Hacı Novruz. İndi, Molla Vəli, nə tədbirin var, elə. Molla Vəli. Yol bircədir. O da xalqı gədə-güdə hökumətinin üzərinə qaldırmaq. Mənim sözdən savayı əlimdən bir şey gəlməz. Mən kəndləri dolanıb, Allahın əmrini camaata yetirərəm. Siz də gərək puldan keçəsiniz. Məşədi Əhməd. Əldə olan pulları camaata borc vermişik. O da hamısı guruldadı getdi. Daha pulu haradan verək? Hacı Novruz. Məşədi Əhməd, sən istəyirsən ki, damdan yıxılasan heç bir yerin ağrımaya. Aclıq dursun qıraqda, biz camaat arasında hörmətdən, etibardan düşmüşük. Gədə-güdə, İndiyədək bizə baş əyənlər, bizə salam da vermirlər. Guya heç bizi tanımırlar. Kərbəlayı Allahverdi. Doğrudur, Hacı Novruz, dünən istədim dəyirmana bircə pud buğda göndərim üyünsün. Adam tapmadım. Gördüm mənim rəncbərim Cəbrayıl gedir. Çağırdım: ay Cəbrayıl, yaxşı oğlan, gəl bu bircə pud buğdanı apar dəyirmanda üyüt, gətir. Deyir: mən sənin atanın hambalı deyiləm. Sən də mənim kimi bir adamsan, boynun da mənim belimdən yoğundur. Al dalına, apar üyüt. A kişi, bu camaat necə üzüdönük olarmış! Hacı Novruz. Elə mənim də dediyim odur. Yüyürən yıxılmağına baxmaz. Bu yerdə pul lazımdır. Doğrudur, molla öz işini görəcək və camaatı da Şura hökumətinin üzünə durğuzacaq. Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Bəylər, mülkədarlar yatmayacaqlar. Ancaq camaata tüfəng lazımdır, patron lazımdır. Bu da pulla olar. Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Olan gedib, qoy yerdə qalan da getsin. Bəlkə ağ günə çıxaq. Hamı. Razıyıq. Hacı Novruz doğru deyir, var-yoxdan çıxmalıyıq. Hacı Novruz. Hacı Bayram, sən niyə danışmırsan? Məgər bizə dəyəndən sənə dəyməyib? Hacı Bayram. Mənə dəyən ziyan heç kəsə dəyməyib, üçcə min elə tək qoyunum gedibdir. Qalanını da hesaba gətirmirəm. Hacı Novruz. Elə biz də onu deyirik. Hacı Bayram. Mən bu yolda bir qəpik verməyəcəyəm. Özüm də əlimi ağdan qaraya vurmayıb, axırını gözləyəcəyəm. Məşədi Əhməd. Nəyin axırını? Hacı Bayram. Şura hökumətinin. Hacı Novruz. Sən, mən əlimizi yanımıza salıb oturanda, onun axırı olarmı? Hacı Bayram. Ay camaat, ahımınız dünya görmüş adamlarsınız. Bundan qabaq sərdarlar, qubernatorlar, naçalniklər görmüşük, hamısı böyük yarananlar. Adam baxanda bağrı yarılırdı. Onlar getdilər, müsavat hökuməti gəldi. İş başında bəylər, xanlar əyləşdilər ki, hər biri bir ocağın nəsli idi. İndi görün bizim hökumət kİmdir? Uçitel Mi rzə Həsən, kor İsrafilin oğlu qotur Salman, adını da Koroğlu qoyub, mənim nökərim Əhməd. Bunlardan, canım, hökumət olmaz. Bir neçə gün ağalıq elərlər, sonra görərsən Nikolayın qoşunu daldan çıxdı, hamısını vurdu dağıtdı. Hacı Novruz. Deməli, sən bu yolda pul verməyəcəksən? Hacı Bayram. Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Molla Vəli. Hacı Bayram, sən dindar, Allah bəndəsi bir adamsan. Allahın əmri ilə və peyğəmbərin şəriəti ilə Şura hökumətinin qarşısında cahad vacibdir. Sən gərək mənim xatirim üçün, ya mənim xatirim mülahizə olunmasa, oxuduğum Quran xatirəsi üçün bu yolda pul qoymaqdan boyun qaçırmayasan. Hacı Bayram. Axund, sən buyurandan sonra sənin xatirin üçün mən də bir qədər pul verərəm. Ancaq lazımsız xərcdir, çünki bu hökumət beş günlükdür. Molla Vəli. Çox razıyam, Hacı Bayram. Allah sənin imanını kamil eləsin. Deməli, həzərat, biz sabahdan işə başlayırıq. İnşallah xudavəndialəmin tofiqi ilə bir neçə günün içində cəmi ətrafı qaldırıb bu dəccal hökumətini məhv edərik. H a mı. İnşallah! Molla Vəli. Bəli. Mən dua eləyim, siz də amin deyin. Pərvərdigara, sən dini-islama qüvvət ver! Hamı. Amin! Molla Vəli. Xudavənda, sən bu kafirlərin qollarını, dillərini öz yədiqüdrətinlə bağla! Hamı. Amin! Molla Vəli. Bu kafirlərə inananları haqq yola qaytar! Hamı. Amin! Molla Vəli. Bu kafirlərin dalınca gedənləri qiyamətə üzü qara gətir. Hamı. Amin! Molla Vəli. Bəcahi Mühəmmədin və aleh və bəhörməti surətil fatihə. Hamı fatihə oxuyur. Pərdə * * * Yeddinci şəkil Kəndin kənarında qazma. Neçə nəfər hərbilər qazmada əyləşmişlər. Bir nəfər cavan komandan, telefon qulağında, əyləşmiş. Tək-tək atışma səsi gəlir. Ko mandan (telefonla). Deyirsən üsyançıların hesabı gəldikcə azalır? Elə isə güllə atmayın. Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırıb üsyançıları ələ gətirməkdir. Rəhim (toza bulanmış daxil olur). Yoldaş komandan, kəndimizin əhalisi, böyüklü-kiçikli, buradadırlar. Hamısı Şura yolunda ya qırılmağa, ya üsyanı yatırmağa and içmişlər. Pərdənindalındansəslər. Hamımız gedəcəyik, hamımız Şura yolunda canımızdan keçməyə hazırıq. Komandan (gedir, səhnənin arxasında danışır). Yoldaşlar, tələsməyin. Şurişi yatırmaq üçün Şura hökumətinin kifayət edən qədər qüvvəsi var. Bu saat üsyançılarla vuruşan əsgərlər sizin balalarınız deyillərmi, onlar da sizə hesabdırlar. İsrafil (bir uşağın çiynindən tutmuş, daxil olur). Komandan haradadır? Komandan. Komandan mənəm. Sən niyə gəldin, a kişi? İsrafil. Ölməyə gəlmişəm. Komandan. Necə ölməyə? İsrafil. Mənim gözlərim yoxdur, dava eləməyi bacarmaram. Amma Şura yolunda ölməyi mən hamıdan yaxşı bacararam. Komandan (Rəhimə). Bu kişi kimdir? Rəhim. Bu, yoldaş Koroğlunun atasıdır. Komandan. Dayı, bizim üçün yoldaş Koroğlu sənin yerinə kifayətdir. O sənin işini görür, odur gəlir, bir əsir də gətirir. (Koroğlu, qolu sarınmış, iki yoldaşı ilə bir yaralını gətirirlər.) Yoldaş Koroğlu, qolun niyə sarıqlıdır? Koroğlu. Qoluma güllə dəyib, eybi yoxdur, ziyansızdır. (Atasını görür.) Ata, sən burada nə gəzirsən? İsrafil. Xalq canından keçib dava eləyən yerdə, mən necə evdə otura bilərəm? Koroğlu. Yox, ata, sən get evə, daha üsyançılar dağıldılar, qırılanları da az olmadı. Komandan. Bu kişi kimdir? Koroğlu. Bunu biz yolda yıxılmış görüb gətirdik. Komandan (kişiyə). A kişi, haradan yaralanıbsan? Yaralı. Q u r b a n ın olum, güllə böyrümdən dəyib. Komandan. A kişi, sizə Şura hökumətindən nə əziyyət keçdi ki, onun üzərinə üsyan qaldırdınız? Yaralı. Nə bilim, Qurbanın olum. Səbəbin evi dağılsın. Gəldilər camaatı başdan çıxartdılar. Dedilər: təzə hökumət dul arvadların, hamısını yığıb Rusiyaya göndərəcək, məscidləri dağıdacaq, hamını rus məzhəbinə döndərəcək, məscid əvəzinə kilsə tikəcək. Qızları, oğlanları bir-birinə qarışdırıb məktəbdə oxudacaq. Daha nə bilim, çox söz dedilər. Komandan. Bu sözləri deyən kim idi? Yaralı. Evi yıxılsın Molla Vəlinin, Hacı Novruzun, Xədicə oğlu Məşədi Əhmədin, Kərbəlayı Allahverdinin. Camaatı başdan çıxarıb qırğına verən bu zalımlar oldular. Ko mandan. Hacı Bayram oralarda yox idi? Ya ralı. Yox, başına dönüm. Hacı Bayram heç yerdə görünmürdü. İsrafil. Oğul, Hacı Bayramı məndən soruş. Hacı Bayram qarışıqlıq düşdüyünü eşidib, evini, eşiyini Mahmuda tapşırıb, bircə qızını tərkinə alıb Kəbirli mahalına tərəf qaçdı. Deyirmiş ki, mən Şura hökuməti ilə dava eləməyəcəyəm. Komandan. Daha niyə qaçır? İsrafil. Deyirlər, o biri qolçomaqlar ona rahatlıq verməyirmişlər. Deyirmişlər, gərək üsyançılara pul, çörək verəsən. Yoxsa külfətini qırıb, evini odlayacağıq. O da başını götürüb qaçdı. Dedi: malım getdi, canım əlimdə qalsın. Koroğlu. Hacı Bayram üsyandan boyun qaçırdısa da, yenə onunla ehtiyatlı dolanmalı. Onun ürəyi bizimlə düz səriməz. Telefon səslənir. Komandan (telefonu götürür). Kimdir? Yoldaş Koroğlu, səni çağırırlar. Koroğlu (telefonu götürür). Kimdir? Yoldaş Məhərrəm, sənsən? (Komandana) Mənim dəstəmin başçısıdır. (Telefonla) Nə xəbər var, söylə. Afərin, çox sağ ol. Böyük igidlik eləyibsiniz. Tutulanları göndərdiniz? Çox gözəl. Hacı Novruz öldü? Bu saat çaparaq gəlirəm. Komandan. Nə xəbərdir? Koroğlu. Daha üsyan qurtardı. Mənim dəstəm üsyançı başçılarının yuvasını əhatə eləyib. Çox atışmadan sonra Molla Vəlini, Məşədi Əhmədi, Kərbəlayı Allahverdini ələ gətiriblər. Atəş vaxtı Hacı Novruz ölüb. Mən getdim. (Cəld çıxır.) Komandan (İsrafilə). Dayan, oğlunun dəstəsinin qoçaqlığını eşitdin? İndi gedib evində rahat otura bilərsən. İsrafil. Gedim, sənə Qurban olum. (Yanındakı uşağa) Gedək, ay bala? (Gedir.) Yaralı (əsgərə). Ay bala, susuzluqdan yandım. Bir az mənə su ver. (Əsgər su verir.) Səbəbin evi dağılsın. (Komandana) Ay oğul, bir yavuğa gəl. Komandan (gəlir). Nə deyirsən? Yaralı. Q u r b a n ın olum, mən ölürəm. Məni başdan çıxartdılar, bir qələt idi elədim, anlamamışam. Mənim iki oğlum sizin tərəfinizdədir. Onları gözdən qoymayın. Evin yıxılsın Molla Vəli, Hacı Novruz, Məşədi... (Ölür.) Komandan. Bunu götürün bir yana qoyun. Götürürlər. Musiqi hərbi marş çalaraq səhnənin dalından keçir. Camaat “ura, ura” qışqırır. Koroğlu bir neçə yoldaşları ilə daxil olur, qabaqlarında Molla Vəli, Məşədi Əhməd, Kərbəlayı Allahverdi. Koroğlu. Üsyanın canları, ürəkləri bunlardır. Komandan (mollaya). Molla, bir belə qana nə üçün səbəb olurdun? Bu camaat məgər yazıq deyil? Onu işindən, kasıblığından, əkinbiçinindən, bağ-bağatından avara eləyib gətirib qırğına verirsən? Molla Vəlli. Ay Qurbanın olum, mən bir yazıq mollayam. Mən nə bilirəm üsyan nədir, filan nədir. Mən heç bir işə qarışmamışam. Məni nahaq yerə tutub qollarmı bağlayırlar. Mən namazdan, orucdan, xalqa moizə, nəsihət eləməkdən savayı bir şey bacarmaram. Komandan. Bu işləri törədən sənin moizələrin deyilmi? Koroğlu. Molla əmi, niyə birdən belə yazıq oldun? Hanı səndəki odlu dil? Bəs üsyançıların qabağında əlində yaşıl bayraq durub qışqİran kim idi? (Bayrağı göstərir.) Bu yaşıl bayraq kimin əlində idi? Məşədi Əhməd. Ay komandan, mən bilirəm bizi güllə qabağına qoyacaqsınız. Bizim ayrı tənbehimiz yoxdur. Bizim evimizi yıxan bu zalım Molla Vəli oldu. Bizi inandırdı ki, bu gələn dəccalın qoşunudur. Bunlarla gərək cahad olunsun. Bunlar bizim dinimizi, məzhəbimizi, dilimizi əlimizdən alıb, hamımızı özləri kimi kafir edəcəklər. Nə bilək, başına dönüm, bizlər avam, bu alim. Dedik, onun ayağı biləni bizim başımız bilmir, dalınca getdik. Nə qədər camaat tələf elədik, özümüzdə belə. (Molla Vəliyə) Allahın lənəti canına gəlsin, dəccal sən özünsən. Komandan. Molla, Şura hökuməti heç kəsin dinini, məzhəbini əlindən almır. İstər Allaha qulluq elə, istər şeytana, o sənin işindir. Ancaq hökumətə və onun qanununa sədaqətlə qulluq elə. Şura hökumətinin heç kəsin dili ilə işi yoxdur. Şura hökumətinin qanununa görə hər millət savadı öz ana dilində öyrənməlidir. Bunu da bil. İndi görürsənmi nə böyük cinayət törədibsən? Molla Vəli. Qələt eləmişəm, Qurban olum, bilməmişəm. Məni Şura hökumətinin başına çevir. Komandan. Sizin işinizə hərbi məhkəmə baxıb, qərar çıxaracaq. Nə sözünüz var orada danışarsınız. Aparın bunları. (Əsirləri aparırlar.) Yoldaş Koroğlu, sağ ol. Sənin dəstən bu canavarları tutmaqda böyük fəaliyyət göstərdi. Ko roğlu. Bu yerdə müəllim Mirzə Həsənin qulluğu az deyil. Üsyan edən kəndlərin cavanlarının çox yarısını üsyandan qaytaran onun nəsihətləri oldu. Sağ olsun. Bundan sonra kənd cavanları arasında təbliğat aparıb, möhkəm komsomol dəstəsi düzəltmək vacibdir. Komandan. Hər kənddə məktəb açmaq lazımdır ki, kəndlilərin balaları oxuyub, gözüaçıq olsunlar və Molla Vəli kimi şeytanların dalınca getməsinlər. Koroğlu. Əlbəttə, maarif işləri başında Mirzə Həsəni qoyarıq, həvəslə iş aparar. Komandan. Bu sizin ispolkomun işidir. Yenə çox sağ ol! (Əlini sıxır. Əsgərlərə) Yoldaşlar, çağ olun! Əsgərlər (bir səslə). Zəhmətkeş xalq üçün işləməyə hazırıq! Pərdə * * * Səkkizinci şəkil Kənd idarəsinin qarşısında qırmızı örtüklü masa qoyulmuş. Masanın dalında əyləşənlər: Mirzə Həsən, Koroğlu, Rəhim və bir neçə ispolkom üzvləri. Skamyalarda qoca, cavan kəndlilər, komsomolçu qız və oğlanlar əyləşiblər. Koroğlu (ayağa durur). Yoldaşlar! Dumanlı kənd camaatının ümumi iclasını açıq elan edirəm. Müzakirəyə qoyulan iki məsələdir: biri kənd təsərrüfatının ümumiləşməsi və o birisi plan üzrə pambıq əkilməsi. Başqa bir məsələ təklif edən yoxdur? Səslər. Xeyr, yoxdur. Koroğlu. Məsələ qəbul olundu. Keçək birinci məsələyə. Yoldaşlar, budur, neçə sənədir ki, Azərbaycanın əhalisi, o cümlədən bizim kəndin əhalisi Şura hökumətinin sayəsində rahat yaşamaqdadır. Bu neçə sənədə hökumətimiz çox zəhmət, mübarizələrdən sonra böyük nailiyyətə çatıb və əhali rahat öz kasıblığına məşğuldur. Bu sənələrin ərzində neçə üsyanlar yatırılıb. Doğrudur, İndi də aramızda tək-tük ziyançılar tapılır. Məsələn, dünən bizim kəndə göndərilmiş pambıq toxumuna neft töküb odlamaq istəyən iki nəfər xuliqan, komsomollarımız tərəfindən tutulmuşdur. Birnəfərkəndli. Onların özlərinə neft vurub odlanılmalıdır ki, od vurmağın ləzzətini öyrənsinlər. Koroğlu. Söz yox ki, onlar cəzalarına çatacaqlar. Ancaq əclaflar çiyid yandırmaqla, əkin-biçin maşınlarını sındırmaqla Şura hökumətini yıxmaq istəyirlərsə, səhv etmiş olurlar. Buna “dəvəçiyə it hürməsi” deyirlər. Yoldaşlar, bəylərin, mülkədarların və qolçomaqların yerləri hamısı xalqın malı olubdur. Kəndimizdə nə qədər yersiz füqəra var idi ki, nökərçilik, muzdurçuluqla baş saxlayırdılar, İndi hamısı yer sahibi olmuşlar. Vaxta ki əmlak hamısı kəndlilərin əlindədir, bu əmlakdan kəndlilər hamısı birləşib, birlikdə becərib nəfibərdar olmaları xeyli mənfəətli və yaxşı nəticəli görünür. Bu barədə camaatın rəyini bilmək istəyirik. Hər kəs danışmaq istəyirsə danışa bilər. Səfiqulu. Mən söz istəyirəm. Koroğlu. Söz yoldaş Səfiquluya verilir. Səfiqulu. Yoldaşlar! Əgər biz desək ki, Şura hökuməti ki, işçikəndli hökumətidir, bizim xeyrimizə çalışmayır, yalan və böhtan demiş oluruq. Biz keçmişdə görmüşük ki, üç ev bir qazana möhtac idi. Bunu da görürük ki, hər kəndlinin özünün bir rahatlığı var. Şura hökuməti bizə birləşməklə mülk becərməni təklif edirsə, yəqin bizim xeyrimizi nəzərdə tutur. Ona görə mən güman edirəm ki, burada təsərrüfat ümumiləşdirməyin əksinə gedən olmasın. Birnəfərkəndli. Biz hamımız ümumiləşməyə hazırıq. İstəməyən özü bilər. İkincikəndli. Yoldaş Koroğlu, biz üç nəfər burada oturmuşuq. Hacatımız və heyvanımız da var. Mümkündür ki, biz camaata qarışmayıb, hər kəs təklikdə yerimizi becərək və məhsulumuzu da yenə xalq kimi hökumətə sataq. Necə ki, İndiyədək satmışıq. Koroğlu. Yoldaş, ümumiləşmək məcburi deyil. Məcburi olsaydı, sizi buraya çağırmazdılar. Ancaq ümumiləşmənin böyük faydası var. Siz ki, istəyirsiniz təklikdə işləyəsiniz, bir-iki ildən sonra ümumiləşməyin faydasını anlayıb, gəlib xalqa qarışacaqsınız. Səslər. Yaxşı işdir. Şura hökuməti məsləhətsiz işi təklif eləməz. Hamımız razıyıq. Mirzə Həsən. Yoldaş Koroğlu, mənə söz verin. Koroğlu. Söz verilir yoldaş müəllim Mirzə Həsənə. Mirzə Həsən (durur). Yoldaşlar, budur neçə sənədir ki, mən sizin kəndinizdə müəllimlik eləyirəm. İndiyədək məndən bir xəyanət görübsünüzmü? Səslər. Yox, yox... Yaşasın əziz müəllimimiz Mirzə Həsən! Mirzə Həsən. Yoldaşlar, Şuralar Ittifaqının hər yerlərində kənd təsərrüfatı ümumiləşmiş və bundan da həm camaat, həm hökumət üçün böyük faydalar hasil olur. Hökumət sizə toxum verəcək, lazım olsa, istəsəniz pul və mal da verəcək. Siz yerlərinizi indiyədək öküz gücü ilə əkirdiniz. Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Traktorla bir hektarı iki saatda əkəcəksiniz və bu yerdə sizə kömək edən sizin öz balalarınız olacaq. Keçmiş zamanda uşaqlarınız üç il oxuduqdan sonra məktəbdən buraxılırdılar. Buraxılanlar həm savadsız olurdular və həm də kənd işlərinə yaramırdılar. İndi isə uşaqlarınız yeddi il oxuduqdan sonra gedib iki il də sənət öyrənirlər. Əkinçilik işlərində də mahirləşirlər və işləmək üçün də kəndə qayıdırlar. Biri İsrafil oğlu İmran, məktəbi qurtardıqdan sonra slesarlıq öyrənib gəlmiş. Səslər. Sağ olsun, sağ olsun! İmran. Yoldaşlar, bu günlərdə burada bir böyük emalatxana açılacaq. Orada mən və bir neçə yoldaşlarım hacatların təmirinə məşğul olacağıq. Kotanın sındı, biçin maşınımı, arabamı sındı, hamısı orda düzəldilib təzədən işə salınacaq. Daha keçmişlər kimi bir sınıq kotanı otuz-qırx verst həftəbazarına aparmayacaqsınız. Hamı sınıq-söküklər kəndinizin içərisində düzələcəkdir. Bunların hamısı Şura hökumətinin camaatın rahatlığı yolunda çalışmasıdır. Səslər. Yaşasın Şura hökuməti! Mirzə Həsən. Yoldaşlar, mən sözümü qurtarmadım. Şura hökuməti işçi-kəndlilərin hökumətidir. Onun hər bir tədbirləri işçi və kəndlilərin səlahi yolundadır. Ona görə Şura hökumətinin təkliflərini ürəkdən yekdil, yekcəhət alqışlamalıyıq. Səslər. Hamımız razıyıq! Sağ olsun Şura hökuməti! Sağ olsun Mirzə Həsən! Koroğlu. Yoldaşlar, məsələ hamı üçün aydındırmı? Səslər. Aydındır, aydındır. Koroğlu. Ümumiləşmək istəyənlər bu gün iclasdan sonra idarədə adlarını yazdırsınlar. Səslər. Baş üstə. Baş üstə. Koroğlu. İndi keçək ikinci məsələyə. Yoldaşlar, siz bilirsiniz ki, bundan əqdəm Rusiyada böyük fabriklər və zavodlar var idi. Bu fabriklər çit toxumaq üçün lazım olan pambığı başqa vilayətlərdən gətirirdi, çünki məmləkətdə bitən pambıq fabriklərin ehtiyacatının yüzdən birini ödəmirdi. Hökumətimiz, işçi-kəndli hökuməti olduğundan, pul da işçi-kəndlinin puludur. Hökumət xalqın qızıllarını aparıb əcnəbilərin ciblərinə doldurub pambıq gətirməyi istəmir. Ona görə hökumətimizin səyi ilbəil pambıq əkininin qədərini artırıb ölkəmizdəki fabriklər üçün kifayət edən qədər pambığı ölkəmizdə əkdirməkdir. Plan üzrə bizim kənd gərək səkkiz yüz əlli hektar pambıq əksin. Bunu siz bacara biləcəksiniz, ya yox? Cavanlar. Bacararıq, bacararıq! Qoca kəndli. Yoldaş Koroğlu, izin ver, bir söz də mən deyim. Koroğlu. Buyur, buyur. Qocakəndli. Yoldaş Koroğlu, Şura hökumətinin xahişlərinə əməl etməyə və yolunda canımızdan da keçməyə hazırıq. Ancaq səkkiz yüz əlli hektar pambıq əkməyə bizim gücümüz çatmaz. Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Bir nəfər komsomolçu. Yoldaş Koroğlu, mənə söz verin! Koroğlu. Buyur. Komsomolçu. Mənim bir təklifim var. Hökumətin qərarına görə biz səkkiz yüz əlli hektar pambıq əkməliyik. Bu plana qarşı olaraq mən min iki yüz hektar pambıq əkilməsini təklif edirəm. Yığıncaqda hərəkət. Komsomolçular (əl çalırlar). Sağ ol, sağ ol... Min iki yüz hektar! Səslər. Razıyıq, razıyıq! Qocakəndli. Canım, boş qışqırmağın yeri yoxdur... Yorğanınıza görə ayaqlarınızı uzadın. Gücünüz çatmayan işə nə üçün girişirsiniz? Komsomolçu. Əkərik, görərsən. Biz cavanlar hamımız işləyəcəyik. Kəndin cavan oğlanları və qızları hamısı köməyə gələcəklər. Komsomolçuqız. Hamımız hava gələcəyik. Lazım olsa gecələr də işləyəcəyik. Komsomolçu. Lazım olsa sair yerlərdən də komsomolçu yoldaşları köməyə çağıracağıq. Koroğlu. Yoldaşlar, mən iki təklifi səsə qoyuram. Səkkiz yüz əlli və ya min iki yüz hektarmı? Hər kim min iki yüz hektarın tərəfdarıdır, əlini qaldırsın. (Bir neçə adamdan savayı hamı əllərini qaldırır.) Əksəriyyətlə qəbul olundu. İkinci təklifin səsə qoyulmasına ehtiyac yoxdur. (Camaat əl çalır.) Yoldaşlar, hər bir ehtiyatımız hazırdır. Sabahdan işə girişilməlidir. Səslər. Hazırıq, hazırıq. Əl çalırlar. Koroğlu. İclası qapalı elan edirəm. Pərdə * * * Doqquzuncu şəkil Final Səhnə pambıq tarlasını təsvir edir. Göz işlədikcə pambıq görünür. Qarovulçu (daş üstündə əyləşib oxuyur): Yaz gələndə şum elərik düzləri, Ağ dərya tək pambıq tutar hər yeri. Çıxsın düşmənlərin canı, gözləri, Yaşa şuram, yaşa şuram, çox yaşa! Fabriklərə axar pambıq selləri, Mal toxunar, bəzəndirər elləri. Sınsın düşmənlərimizin belləri, Yaşa şuram, yaşa şuram, çox yaşa! Qara dəryadır neftimiz, qazılar, Tərifimiz dəftərlərə yazılar. Düşmənlərin yazdıqları pozular, Yaşa şuram, yaşa şuram, çox yaşa! Açılıbdır məktəblərin qapısı, Savadlanar kəndlilərin hamısı. Deyər sənə hər kimin var namusu, Yaşa şuram, yaşa şuram, çox yaşa! Hacı Bayram (daxil olur). A gədə, burada oturub nə oxuyursan? Qarovulçu. Neyləyim, ay hacı, oturmuşam, pambığın qarovulunu çəkirəm, kefim gəlir oxuyuram. Bircə tamaşa elə, düz-dünyanı pambıq başına götürüb. Baxdıqca ürəyim bir belə (əli ilə göstərir) olur, şadlığımdan oxuyuram. Hacı Bayram. Pambığı kimdən qoruyursan? Qarovulçu. Kimdən qoruyacağam: atdan, maldan, qoyundan, ulaqdan, kulakdan. (Oxuyur): Yaşa şuram, yaşa şuram, çox yaşa! Hacı Bayram. Oxu, oxu! Oxumalı günlərdir. Qarovulçu. Əlbəttə oxumalı gündür. Mənim atam öləndə ağız pambığı üçün həftəbazarına adam göndərdik. İndi görürsənmi, nə qiyamətdəyik. Uzaqdan zurna səsi eşidilir. Hacı Bayram. O nə zurna səsidir? Kənddə toy var, nədir? Qarovulçu. Yoxsa xəbərin yoxdur? Bu gün camaat pambıq yığımını başlayacaq. Odur kəndin camaatı, uşaqlı-böyüklü zurna-balabanla buraya gəlirlər. Hacı Bayram. Yaxşı bayramdır, gəlsinlər. Mən də bir dostaşnamı görüm. Neçə ildir vətənimdən xəbərim yoxdur. Qarovulçu. Harada idin, ay hacı? Hacı Bayram. Uzaq yerlərdə idim, oğul. (Zurna səsi yaxınlaşır.) Pah, pah, tamam kənd gəlir: arvadlar, kişilər, qızlar, oğlanlar... O qabaqda gələn Salman deyilmi? Qarovulçu. Necə S a l m a n? Hacı Bayram. Kor İsrafilin oğlu. Qarovulçu. Yoldaş Koroğlunumu deyirsən? Bizim ispolkomun sədridir, qoçaq oğlandır. Əsil Koroğludan da qoçaqdır. Bu işlər hamısı onun çalışmasındandır. Hacı Bayram. Sağ olsun, mən onu uşaq vaxtında görəndə dedim ki, bu uşağın gözlərindən kamal yağır, bunun gələcəyi yaxşı olacaq. Onun bir balaca qardaşı da var idi. Qarovulçu. Balaca qardaşı Imran oxuyub gəlib, İndi bizim maşıntraktor stansiyasına baxır. Hacı Bayram. İsrafil dururmu? Qarovulçu. İsrafil keçən il öldü. Camaat, zurnaçılar qabaqda olaraq, səhnəyə gəlirlər. Komsomolçu qızlar və oğlanlar əllərində qırmızı bayraqlar, gəlib dayanırlar. Koroğlu (qabağa gəlir, zurna sakit olur). Yoldaşlar, biz öhdəmizə götürdüyümüz vəzifəni tamamilə yerinə yetirdik. Min iki yüz hektar yeri əkməyi boynumuza götürdük də, əkdik də. İndi bir vəzifə də var. Bu gündən pambıq yığımına qədəm qoyuruq. Gərək bu min iki yüz hektar yerin pambığından bir girvənkə də tələf olmasın. Komsomolçuqız. Nəinki bir girvənkə, bir misqalı yerə düşməz. Koroğlu. Yoldaşlar, bizim firqənin başında duran və dünya proletariatının rəhbəri yoldaş Stalin bir gözəl söz deyibdir. O deyir: “Dünyada elə bir səngər yoxdur ki, bolşeviklər onu ala bilməsinlər”. İndi qoy bizim min iki yüz, nəinki min iki yüz, səkkiz yüz əlli hektar pambıq əkməyimizə şəkk gətirənlər, qoy görsünlər ki, yoldaş Stalin bu sözləri havadan deməyibdir, bu, həqiqətdir. Qocakəndli (irəli yeriyir). Yoldaş Koroğlu, sən dediyin adam mənəm. Mən köhnə vaxtda işlədiyimizə nəzərə alıb danışırdım. İndi baxıb səhvimi anladım. Bu həvəslə ki, camaat işə gedib, iki belə pambıq əkibbecərməyi bacarar. Koroğlu. Yoldaşlar, sizin bu həvəslə işləyib vəzifənizi ifa etməyinizi mülahizə edərək, hökumət tərəfindən bizim kəndə bir traktor peşkəş olunur. Yaşasın Şura hökuməti! Səslər. Yaşasın işçi-kəndli hökuməti! Yaşasın firqə rəhbəri yoldaş Stalin! Hacı Bayram (Koroğluya tərəf gəlir). Salaməleyküm. Koroğlu (zənlə baxıb). Hacı Bayram deyilsiniz? Hacı Bayram. Oyam. Bu gün gəlmişəm. Koroğlu. Harada idiniz, heç sizdən bir xəbər yox idi? Hacı Bayram. Doğrusu, Şura hökuməti gələndən sonra mən davam gətirməyib, qızımı da götürüb keçdim İrana. İndiyədək orada idim. Qızım öldü, qaldım tək. Axır vətəndən uzaqda davam eləyə bilməyib, gəlmişəm. İndi sizin ixtiyarınızdayam. Günahım varsa tənbeh eləyin, yox isə qalım burada, mən də kəndlinin biri, sair adamlar kimi işləyim. Koroğlu. Hacı, siz ölənədək keçmiş günlərinizi, qılıncının dalıqabağı kəsən zamanları unutmayacaqsınız. Ona görə, camaat sizin sidq-dildən şura tərəfdarı olduğunuza inanmayınca, sizi öz işlərinə qarışdırmayacaqlar. Hacı Bayram. Mən istəyirəm ürək sözümü açam deyəm. Qoy camaat da qulaq assın. Camaatdansəslər. Hacı Bayramdı!.. İndiyədək harada imiş? Necə arıqlayıbdır... Qarnında bilmərrə piy qalmayıb. Koroğlu. Nə sözün var, de. Hacı Bayram. Camaat, siz hamınız bilirsiniz ki, Şura hökuməti kəndə gələndə, mən onun qarşısına ədavətlə çıxmadım. Mən demirəm ki, Şura hökuməti mənim xoşuma gəldi. Xeyr, Şura hökumətinin böyük düşməni mən idim. Açıq danışmaq yaxşıdır. Mən iş başında bu Koroğlu dediyiniz Salmanı və onun yoldaşlarını görəndə deyirdim ki, belə hökumət üç günlükdür, dağılıb gedəcəkdir. Bununla davaya çıxmaq da axmaqlıqdır. Hampalar məndən üsyan üçün pul istədilər, vermədim. Istədilər məni öldürsünlər, qaçdım. Hər yerə getdim, iş başında cavan kəndliləri gördüm. Axırı davam eləyə bilməyib, qaçdım İrana. İndi gəlmişəm. Xaraba qoyub getdiyimi kəndləri, avam qoyub getdiyim camaatı tanımıram. Kəndlərdə nə gözəl binalar, məktəblər; oğlanlar, qızlar hamısı savadlı; idarələrdə xalqa gözəl rəftar, nə pristavlar söyüşü, nə yüzbaşı qamçısı. Hamı bir-birinə yoldaş, qardaş. Bir belə əkinləri, pambıq zəmilərini gördükdə, doğrusu, mat qalıram. İndi görürəm ki, anlamamışam. İndi səhvimi boynuma alıb gəlmişəm. İstəyirsiniz öldürün, istəyirsiniz buraxın. Sizin ixtiyarınızdayam. Koroğlu. Hacı, söz bayaqkıdır. Bir qədər qalarsan işlərsən, sonra işə baxarıq. Sənin evin ispolkomdur. Sənə kənddə ev də verilər, yaşarsan. Hacı Bayram. Tək adamam, bir balaca komada da yaşayaram. Koroğlu. Çox gözəl. İndi, yoldaşlar, bir qədər çalın oynayın. Sonra işə girişək. Qocakəndli. Mən günahımı yumaq üçün qabaqca özüm oynayacağam. Aşıq, çal. Çalırlar, qoca oynayır. Xalq ura çəkib əl çalır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-yoldas-koroglu İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.