Didaktik şeirlər Həsənəli xan Qaradaği (1848–1929) Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə, Tə’lim alıb oxuyun, adət edin ədəbə. Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır. Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır. Adam, xoruz, yırtıcı - hamıları gedirlər İş dalınca, hər biri durub bir şey edirlər. Qanadlı qarışqalar şələ çəkir, arılar Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var. Çöllər çəmən olubdur, ayılıbdır meşələr, Ağacdələn taqu-tuq eyləyibdir peşələr. Qəmu çaylar da axır, şırıldıyubən gedir, Torçu balıq ovlayır, oraq biçir, səs edir. Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin, Allah tənbəl kimsəni sevməz, məktəbə gedin. Qaradaği, hər bir kəs bir iş gərəkdir edə, Çalışıbən sə’y edə, onın dalınca gedə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hasenali-xan-qaradagi-didaktik-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1929). Public domain (author died 1929). Original text only.