Şeirlər Almas İldırım (1907–1952) A dağlar Çiçəkli qoynunda bir bağça tikdim, Suvara-suvara göz yaşı tökdüm, Gecə-gündüz əməyini mən çəkdim, Yoldu meyvəsini yellər, a dağlar!.. Nədən küskün yaxandakı bülbüllər, Harda mana layla çalan o dillər?.. Mən səslənsəm: ellər, ellər, ay ellər, Əksi-səda gəlir: “ellər...”, a dağlar!.. Söylə, nədən səs verməyir Xəzərim, Mən ki, onun hər dərdini yazarım, Sürgün olub uğrunda həp gəzərim, Qismətim bu uzun yollar, a dağlar... Söylə nədən dəli Kürüm çağlamaz, İçdən coşub öz gününə ağlamaz, Göy Muğanım nədən yaşıl bağlamaz, Dərdlimidir o Göy göllər, a dağlar?.. Söylə, Şahdağlarım nədən yaslıdır? Köksündəki qılınc, qalxan paslıdır? Şairlərin nədən həzin səslidir, Qərib sazda qırıq tellər, a dağlar?.. A dağlar, a dağlar, söylə, a dağlar, Olurmu aşnalıq böylə, a dağlar?.. Yaman günüm yaxşı eylə, a dağlar, Sana qurban bu könüllər, a dağlar... * * * A dost Gülşən yapdım, güllərini yel aldı, Bir tək qönçəsini dərmədim, a dost! Bir bağça saldırdım, gəldi sel aldı, Bircə meyvəsini görmədim, a dost! Dosta bel bağladım, tuzağa düşdüm, Cananə can dedim, uzağa düşdüm, Əfsunlanmış qızıl bir ağa düşdüm, Birlik diləyinə ermədim, a dost! Mən baxarkən o sevdiyim Doğuya, Sən ortaq ol bu içdiyim ağuya, Orda bir gəlin var, qaldı yağıya, Onu bir doyunca sarmadım, a dost! Bu çarpan qəlb onun, bu tək can onun, Damarlarımdakı axan qan onun, Könlümü coşduran bu iman onun, Mən özgəyə könül vermədim, a dost… * * * Amudərya Amudərya, məni al, O cəsur dağların qoynuna sal! Amudərya, dinlə, Mən sənin dərdinlə, Gənc ikən çəkmədəyəm hicr ilə yas, Amudərya, məni al, bağrına bas… Gəl ovut tüğyanımı, Sən duyarsan ki, mənim üsyanımı. Mən dedim ki, dəli, coşğun Xəzərə, Get qucaqlaş və yar ol, Mən dedim ölkələri Güldürən bir bahar ol. Demədim Buzlu Şimal istəginə Uyaraq, Bizdən uzaq Bir yerə dol. Sərtiəsən qanlı Şimal, Səni də etdimi qul? Kəsərək yollarını, Bağlayıb qollarını Səni də etdi kölə? Amudərya, niyə bəs Verməyirsən mənə səs? Ya neçin dalğaların gəlməyir üsyanla dilə? Söylə göz yaşları, qan selləri boğmuşmu səni? Qoca Şərq dağları qan udmağa doğmuşmu səni? Yox, yox artıq döndər O quduz sellərini, Boyasın al qana, ya al çiçəyə Doğma türk ellərini! Atılıb fırtınadan-fırtınaya. Çeynə zəncirini qır, Sənə ən doğruca yol, iştə, budur!.. Daşaraq, Qanlı atəşlərlə dırnaqlaşaraq… Yaşamaq İstər isən, al sana haqq! Böylə lal axma, sükutdan doğamaz istiqlal! Bu axşam istəməm olsun cansız, Bir əməl parlayamaz qurbansız, Amudərya, məni al, O cəsur dalğaların qoynuna sal. Burax, alsın məni ruzgar ölümə, Boğaraq eşqimi qan, Olayım mən qurban. Və qanımdan qataraq sellərinə, Ax bu türk ellərinə… Bəlkə bir gün yaşayır bir ideal, Bəlkə bir gün boy atar istiqlal… Yenə qoy hökm eləsin türk ağzı, Oğuzun yazdığı fərman kağızı! Amudərya, məni al, Qopacaq fırtınanın qoynuna sal. Sən burax düşmanı girsin qanıma, Qana girmək yaraşır öz şanıma, Bəs nədən qorxu duyub, hürküm mən? Atamın oğlu, igid türkəm mən!... * * * Ananın qızına Ey əskidən bəri yasa bürünən, Şərəfli anamın gülüzlü qızı, Al şəfəqlər içrə indi görünən Şərq üfüqlərinin pənbə yıldızı. Bir zaman yurdumun qaranlıq qalan Bucaqlarında sən ağlamazmıdın? Hürriyyət eşqilə coşub çırpınan Anamın ürəyin dağlamazmıdın? Fəqət indi harda o dərin-dərin Həzin nalələrin, iniltilərin? Söylə, ağ günlərə çıxdınmı bur gün? Zülmün heykəlini yıxdınmı bu gün?.. * * * Allah naminə Roma papasına Ey qəlbi Tanrısının eşqiylə çarpan papas, Bu tanrısız şairi dinləməzmisən bir az? Dün teleqraf telləri xəbər verdi dərindən Bu imansız ellərə küsüb darıldığını, Kin püskürən gizli bir hərbə sarıldığını… O doğrudur, biz atdıq tanrıları yerindən, Bizdə Allah naminə kirli bir şey qalmadı. Məbədlərdən silindi köhnə allahın adı, O məbədlər ki, orda bir zamanlar şahların Fironların naminə rəsmi keçid düzüldü. O məbədlər ki, orda yerdəki allahların Bir əmrilə minlərcə insan qanı süzüldü. Orda ki, sənin kimi papasların dizinə Yüzlərlə bakirələr göz yaşları tökürlər. Müqəddəs mehrabların qan çilənmiş üzünə, Allahların naminə qızlar dizə çökürlər. Orda ki, bir zamanlar Allahın oğlu Isa "Müqəddəs" Məryəmlərin çəkərdi keşiyini. Papasların belindən gələn o bir çocuqlar Göz açınca çöllərdə görərdi beşiyini. O məbədlər ki, indi mehrabları boş qalmış, Allahların yerində toz-torpaq və daş qalmış. O məbədlər ki, artıq kimsə çalmaz zəngini, Biz onların büsbütün dəyişdirib rəngini Qırmızı fırçalarla boyamışıq qapısın. Ölkədə çoxaldırıq mədəniyyət tapısın. Fəqət sənin beynində yenə Allah naminə Dinin qara fitnəsi varlığıyla oynaşır. Gəl yenidən anlatma bizə Tanrı nə, din nə, O qəhbəlik dövrünə bizdə nifrət qaynaşır. Biz hala unutmadıq milyonlarla bəşərin Böyük Allah naminə tökdüyü al qanları. Biz hala unutmadıq hər zəncirli ürəyin Böyük Allah naminə verdiyi qurbanları. Biz hala unutmadıq iki doğma qardaşın Din üçün bir-birini doğrayıb çapdığını, Biz hala unutmadıq bəşərin tarixində, Atanı öz oğluna bir düşmən yapdığını. Bəsdir Allah naminə günahsızlar boğuldu, Bəsdir Allah naminə fahişələr doğuldu. Yetər sağır göylərin hökmranlığı bitdi. Getdi artıq allahın, peyğəmbərin də getdi. Zənnimcə, papam, sənin ömrün də pək az qaldı. Sən özün vicdanınla, söylə, varmıdır Allah? Ey Roma qızlarının qoynunda yatan papa… * * * Acı günlər Ac çılpaq işçilər bütün gününü Çalışır onlarçın alın təriylə. Özünə borc bilmiş itin gününü Döyüşür həyəcan zərbələriylə. Çalışır, özü ac, ailəsi ac, Çalışır, aldığı muzdu, haqqı nə? Çatmayır ancaq bir yemək haqqına. Heyf haqq verən yox, fəqət nə etsin? Şikayət etməyə kimlərə getsin? Yox, onun gücü var, qüdrəti də var, Ya ölüm, ya həyat versinmi qərar? O zaman Rusiya odlar içində Vuruşlar içində çalxalanırdı. Aclığın kabusu gərmişdi qanad. Hər yanda fəlakət, hər yanda ölüm, Hər yanda kin, zəhər saçan bir həyat. Yoxsullar bu zülmə “yetər” demişlər, Sürünmək ölümdən “betər” demişlər. Ya ölüm, ya həyat budur san demək Çar isə saraydan gülümsəyərək, Ölüm əmri vermiş, bütün bir ölkə Atılmış tufanlar içinə bəlkə. Hər yerdə işçilər dalğalanaraq, Zəncirli həyata kəsilmiş asi, Şəhər olmuş bir inqilab yuvası, Işçilər içində bir həyəcan var, “Qara kütlələrin” sözünə qarşı Böyük milyonerlər narahat olmuş, Yerindən qopacaq sanki zavodlar, Nökəri görüncə özünə qarşı Qızışmış hiddəti, iki qat olmuş, Bir çox zavodlarda işlər qırılır, Bir çox yığıncaqda mitinq qurulur. Natiqlər coşaraq söylər azadlıq, Bir çoxu hayqırır: haqq verin bizə! Çox yerdə işçilər dayanır üzə. Ah, bunu boğmağa qan lazımdır, qan, Əcəba, varmıdır böylə bir igid Ki etsin bu asi qəhəri sakit? Var, əvət qüdrətli bir Nikolay var, Hökmüylə talançı, əmriylə qəddar, O bütün ölkəni boğmağa qadir. Onunçun şəhərin duxanlarından Oğru, baş kəsənlər yığılmışlardır. Hər gecə məhəllə, dalanlarında Yeni bir hadisə, bir lövhə vardır. Hər gecə quldurlar, dəstə tutaraq Kənar məhlələrə hücum edərdi, Qarşı çıxanları buraxmazdı san, Bütün ailəni soyub gedərdi. Hər qatil bilirdi, çarın qoşunu Bir cəzaya məhkum edəməz onu. O zaman hər qaçaq bir hökmrandı, Hər qoçu ayrıca bir qəhrəmandı. Böylə bir şəhərdə kim baş qaldırır, Polisdən xəbərsiz bir baş qaldırır. Kim deməz ki, çarın valisi oğru? Işçilər söylərkən: Bumu çarın bizlərə Bəxş etdiyi “ədalət”, “Çəkilməz bu rəzalət, Bu zülmə qarşı artıq Bilinməz nə etməli? Milyonların səsiylə Yerləri titrətməli... Onunçun toplaşmalı “Bolşevik” firqəsinə, Birlikdə səs verməli Rəhbərlərin səsinə. Bu çıxılmaz həyatdan Onlar qurtarar bizi Doğru yol budur bütün, Zavodları yıxmalı Bütün sahibkarları, Həycanda buraxmalı. O vəhşi alçaqlara Ən kəskin cavab budur. – Əvət, doğrudur. – Yox, deyil! – Yox, doğrudur! Bir bolşevik hiddətlə Atılıb çıxdı üzə – Bu terrorçuluq sizə Heç bir əlac verəməz. Sahibkarlar bu işdən Heç bir zərər görəməz. Onlar bütün zərəri Dövlətdən alacaqlar. Ancaq yenə ac qalan Işçilər olacaqlar... Arkadaşlar, durunuz, Başsızlıq etməyiniz. Bolşevik yolu doğru, Başqa yol getməyiniz. Fəqət terroristlərin Coşduqca coşdu qanı “Zavodları yıxmalı...” Səsi tutdu hər yanı. Başlandı terrorçuluq Fabrikada, zavodda, Bir çox yerlər alışdı, Məhv olub getdi odda. “Terror” – deyə yüzlərlə Işçiləri tutdular. Bağlayıb əl-qolunu, Məhbəslərə atdılar. Milyonerlər zərəri Bütün dövlətdən aldı, Yenə zülm, təcavüz, Aclıq yerində qaldı. Günlər keçdi ölkədə Asayiş oldu “bərpa” Yenə sahibkarların Evində zövq və səfa. Yenə də köhnə damğa, Əmirlərə vuruldu Varlılar qalib çıxdı, Uduzan yoxsul oldu... * * * Arazla dərdləşmə Oğlum Araz üçün Gəlin kimi qurulursan, Axıb, axıb yorulursan. Göy Xəzərdə durulursan Durna gözlüm, daşqın Araz, Nədir sənin aşqın Araz?.. İlan kimi axışın var, Ceyran kimi baxışın var, İncə sözdən çaxışın var, Dilbər üzlüm, tellim Araz, Mənim ana ellim Araz. Min göllərin qaynağından, Axıb yaqut oynağından, Öpüb yarın yanağından, Dərdli-dərdli axan Araz, Dost qəlbini yaxan Araz. Ərzurumun ovasından, Şahinlərin yuvasından, Axıb türkün qovasından, Könlüm kimi coşan Araz, Get Quzğuna boşan, Araz. Bizim bozkırdan keçərkən, Birləşib Kürdən keçərkən, Doğduğum yerdən keçərkən, Gəl ol mənim dilim, Araz, Sor, necədir Milim, Araz… Hey axırsan, durduğun yox, Dost halından sorduğun yox, Yardan xəbər verdiyin yox, Qəlbin daşdan sərtmi, Araz? Bu səndə bir dərdmi, Araz?.. Sonra nədən döndü xoyun, Dövran sənə qurdu oyun, Əydin o yağıya boyun, Əski eşqin soldu Araz, Verdiyin söz noldu, Araz?.. Fırtınalı, boralısan, Əski dərddən yaralısan, Soran olsa haralısan, Söylə türkdür soyum, Araz, Sənə olmaz doyum, Araz… * * * Azərin duası Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına, Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm? Göz dikərək yad ellərin şəfa verməz ocağına, Böylə qərib, bir parçacıq kəfənsizmi öləcəyəm? Ulu Tanrım… Günahmı bu, bahar gəldi, mən çağladım Bu bir elin diləyidir, yad bir sözə uyduğum yox. Dünya sevdi, mən də sevdim, ellər güldü, mən ağladım. Sevdim, amma dizlərinə bir dəfə də baş qoyduğum yox. Tanrım! Mana çoxmu gördün od sovuran torpağımı? Cənnət sənin, Kəbə sənin, bir məzarlıq yurdumu ver! Cəhənnəmdən alsın burax dünya mənim sorağımı, Mənə yalnız bir içim su, baş qoyacaq bir az da yer. * * * Batan günəş Sən beynimdə doğan qığılcımdan od aldın, Ey ruhumu, eşqimi yetim buraxan günəş, Sən gedəli ömrümə fırtınalar oldu eş… Nerdə, hanki bir üfqün dərinligində qaldın, Bu doğrumu qəlbimi dondurdu bir buzlu əl, Ya bu nədir könlümə saplanıb qalan əməl?.. Aşiqlərin bir daha səni bulmasın deyə, Bu doğrumu keçdigin yerləri yıxdı, yaxdı, Ya bu nə, arxan sıra qanlı izlər buraxdı?.. Deyirlər ki, varlığın qarışdı bir kölgəyə, Bəs bu nə, məhbus kimi içimdə çırpınan can, Sənmisən, qərib Vətən, sənmisən Azərbaycan? * * * Bakı Bir zamanlar adına eşq oxudum ellərə, Şimdi artıq qəlbimin içində inlə, Bakı… Uğrunda çarpışanlar qolları bağlı getdi, Mən yanaraq kül oldum sənin dərdinlə, Bakı… Bir gün istiqlal dedin, biz atıldıq qovğaya, Sən bağrında qanlı bir yer açdın Moskvaya, Kim dedi çevriləsən leş qoxan bir yuvaya? Kim dedi bir mujikin əmrini dinlə, Bakı? Dünyanın atəş dolu sinəsi mənəm deyə, İlk olaraq atəşi verdin Prometeyə… O zəncirləndi Qafa, sana can deyə-deyə, Gömüldü könüllərə eşqi səninlə, Bakı… Sən zümrüd bir tac ikən bizim qoca Qafqasa, Düşmənə sevinc verdin, bizi düşürdün yasa. Eşqimi qanla boğdu, mən dostmu deyim rusa? Odlu köksüm qabarmış daşan bir kinlə, Bakı… Yanarkən Səbayeldə hər axşam yaşıl mayak, Yolumu illər ilə gözləyən annəm oyaq… Taleyə bax, uzaqlar yaxın, yaxınlar uzaq, Uzaq dağlar ardından gəl məni dinlə, Bakı… * * * Bir el aşığının dedikləri (Qubada bir gün) Günəş süzgün tellərini yığınca dağlar ardı, Bənzədi bir yanıq qəlbə, axar sular qaraldı. Büründü bir yas tülünə çəmən, çayır, dağ, dərə, Qanad çarpan hər yetim quş çəkildi ənginlərə. Dilbər köylü qızlarının yas bürürkən üzünü, Bir hıçqırıq tutdu axan pınarların gözünü. Qara gözlü gənc qızlara qayğı verən bir axşam Xəbərini verdi göydə ilk olaraq yanan şam. Başlarında dörd yüz illik bir köləlik kölgəsi, Alnı açıq ixtiyarlar qaş çataraq ənginə, Baxıyorlar üfüqlərin qan ləkəli rənginə. Gənc igidlər at oynatmaz, qeyb etmişlər sevinci, Ah bu dilbər obaların harda gömüldü dinci? Uzun yoldan yorğun-arğın, bət-bənizi bulaşıq, Əlində bir üçtelli saz gəldi bir qoca aşıq. Görüncə hər gənc, ixtiyar ayağına vardılar, Görünən bir Xızır kimi ətrafını sardılar. – Gəl, gəl aşıq… – Nerdən böylə? – Uzaqmı gəldiyin yol? – Gəl ruhumuz acıqlıdır, barı bizə nəşə bul!.. Aşıq güldü acı-acı: – Nəşəmi? Mən görmədim, Bu yollarda ömür verdim, bir sevincə ermədim. Nəşə harda, bəklənirmi cəhənnəmdə bir bahar? – Bəs sazının tellərində?.. – Iniltilər, hicranlar… – Biz qəmliyik, nəşələndir, – Mənə deyil, saza sor… Saz bu elin qəlbi, ruhu, heç olmurmu ona zor? Sənin könlün nə istərsə… – Yox barmaqlarda bir iş, Yalnız dərdli tellərindir hər nəğmə, hər söyləyiş… Aşıq bir az rahatlandı, toplandı köy başına, Anladı ki, el müntəzir o dilsiz yoldaşına. Bir ah çəkib aldı ələ, göz dikərək dağlara, Atəşli bir qoşma qondu o titrək dodaqlara: – Durnam uçdu getdi uzaq ellərə, Getdi, bilməm harda qaldı, gəlmədi… Çox yalvardım aşıb-daşan sellərə Uca dağlar duman aldı, gəlmədi… Durnan uçdu, mənim boynum büküldü, Xəzan gəldi, göy yarpaqlar töküldü, Lalə soldu, yazın bağrı söküldü, Bülbül öldü, gül saraldı, gəlmədi… Durnam uçdu uzaq dağlar ardına, Uğradımı bilməm Şimal qurduna? Ellərə bir bahar, mənə fırtına, Günəş söndü, qaş qaraldı, gəlmədi… Əks edincə bu şərqi qarşıya qırıq-qırıq Hamının gözlərində titrədi bir ayrılıq. Bir axşam qəribliyi sinərkən aullara, Daldı küskün baxışlar duman çökən yollara. Bir Şeyx Şamil hiddəti qonunca dodaqlara, İxtiyarlar qaş çatıb daxdılar Şah dağlara… * * * Bir gündə ölən ekizlər Annələrinə Eldəgəz və Yurdavar üçün Mən deyirdim ki, bir gün varıb ana yurduna, Öpərsiniz anamın toz basan məzarını… Özlədiyim o gündə mən ölmüş olsam, belə Siz mənsiz gəzərdiniz Bakının Xəzərini… Lənət olsun mənə yar olmayan bir fələkyə, Düşmən kəsildi məndə yetişən hər diləyə... Mən deyirdim eşqimin gül açmayan baharı, Sizinlə feyzlənib, yetişəcək, güləcək. Ömrümə qarğımışkən sizə gülmədi barı, Dininə uymadığım yolsuz, imansız fələk, Cövrünə tab edərsəm dağları dələcəyəm, Ona bir gün əmrimi dinlədə biləcəyəm… Artıq onlar gömüldü… Ağlama, yazıq ana, Bu bir tale cilvəsi, çəkməli əzabını, Bir gün hesab sorarkən hər gedən qurbanına, Tanrı olsa da, Qaflar keçirər qəzəbini. Ağlama… duyulmasın qürbətin çətinliyi, Ağlama… qırılmasın qəlbimin mətinliyi. Bir gündə iki qurban… zərrəcə tutmadım yas, Mən bu yolsuz hökmü də yenə sərxoş dinlədim. Ah… bir gün dönə bilsəm sənə, ey nazlı Qafqas, Mən yalnız sənin eşqin, həsrətinlə inlədim… Bu inləyiş dünyada qəhrin ən imansızı, Yalnız bu inləyişdir qəlbimdə açan sızı. Başqa bir şey dinləməm, mana yurdumdan oxu, Anlat onun eşqini, unudayım yasımı… Sən aldırma qəlbimə saplanan bu cift oxu, Oxu mana ruhumu, cismimi, Qafqasımı… Ölən öldü, ölməyən həsrətim çırpınan can, Oxu, gözümdə tutsun doğduğum AZƏRBAYCAN… * * * Birləşən iki nəhr Tarix boyu axdığı yerdən alıb izini, Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya. Görüncə baş ucunda dərdli Türkmən qızını, Araz da dərdə gəlmiş yas bağlaya-bağlaya. Qucaqlaşmış o yerdə, birləşmiş iki bacı, Biri eşqim, varlığım, biri başımın tacı... Birində Qafgas qızı yıxamış gur saçını, Yolunda qurban etmiş mənim kimi qaçını. Biri eş bulmaz, töksə gizli-gizli içini, Yanarmış öz dərdinə qəlb dağlaya-dağlaya... Buluşduqları torpaq yerdə cənnətin eşi, Biri qəlbimdəki qan, biri gözümün yaşı... Biri toplar suyunu min dərədən, min göldən, Birinin bağrı yanıq, uzaqdan gələn seldən, Biri mənim öz dilim, biri anlamaz dildən, Yanaram arxasından, mən ağlaya-ağlaya... Biri mənə doğma yurd, biri girdiyim qucaq, Bir mənim, biri də... O da mənim olacaq!.. * * * Bir səs gəlir uzaqdan Bir səs gəlir uzaqdan, o yarmı gəldi dilə, Bir xəbərmi yollandı bu yaralı bülbülə? Bülbül, yolun düşərsə mənim doğduğum elə, Bu yanıq iniltimi dağlarına sal da gəl, Qəlbimə almaq üçün qadasını al da gəl. Mən gələrkən o yurdun mövsümü son bahardı, Gülşəndə gül yerinə qızıl tikanlar vardı... Durma, bülbül, bu hicran dərdli bağrımı yardı, Get, bir an olsa da, get, sinəsində qal da gəl, Könlümə salmaq üçün dərdlərini al da gəl. Durma bülbül, var da qon qarlı dağlar başına, Türkümü sal o yurdun torpağına, daşına, Al bu göz yaşını, qat o yarın göz yaşına, Dönərkən saçlarından bir-iki tel çal da gəl, Solğun dodaqlarından gizli bir söz al da gəl... * * * Bilməm ki Oğlum Azərə Gün gəlib ta son vədələr yetincə, Qəhr olası bu ayrılıq bitincə, Bağçamızda sarı bülbül ötüncə, İstəklərim olacaqmı, bilməm ki… Gün süslərkən alnındakı naxışı, Mən ardınca dırmanırkən yoxuşu, Dağlara saldığım özləmin quşu, Gəlib sənə çatacaqmı bilməm ki… Qovuşarkən yurd bayrama, düyünə, Çalxanacaq el öyünə-öyünə, Sən erincə gözlədiyim o günə, Mənim ömrüm çatacaqmı, bilməm ki… * * * Bir gün Sanma getməz başımdan bu kəşvətli buludlar, Şimşək olub üfüqdən yenə çaxacağam mən. Gözləri uzaq yolu bəkləyən nişanlıya Zəfərlərdən rəng alan bir gül taxacağam mən. Toxunma gəl başıma qonan dövlət quşuna, Burax məni götürsün bir əməl savaşına, Bir gün çıxıb Kazbekin o məğrur, dik başına, O qəhrəman ellərə şanla baxacağam mən. Söyləyiniz yurdumu çeynəyən amansıza, Dəyməsin o telləri pərişan duran qıza. Bir gün könül tapşırıb dağ devirən bir hıza, Coşğun nəhrlər kimi orda axacağam mən. Ordadır həm varlığım, beşiyim, məzarım da, Ordadır gəncliyim də, eşqim də, baharım da, Hələ titrəyir adı solğun dodaqlarımda, Kəndimi atəşində bir gün yaxacağam mən… * * * Bir gün gələcək Orda Orta Zamanın vəhşətindən yadigar, Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var. Bir cənnət ki, özəyi qanlı bir Kremlin Milyonla qafa udmuş təməlində yüksəlir. Ruh alıb Dəli Petro və bir müdhiş Ivandan, Dünyanı yıxıb yaxmaq əməlində yüksəlir… Kremlin, onu sorun tarixin yaprağına, O ölüm qalasının nasıl qurulduğunu Neçə milyonun qanı çilənmiş toprağına, Neçə milyon günahsız başın vurulduğunu. Kremlin, o əskidən bəri zülmün qaynağı, Kremlin, hürriyyətin qəbrini qazan qala, Kremlin, o indi də qırmızılar oynağı, Neronların Roması yanında heçdir belə… Orda qurmuş yuvanı ciftə başlı qartallar, Orda vəhşi çarların taği – zəfərləri var. Orda hürr ölkələri saran zəncirin ucu, Orda qanlı prinslər və knyazların gücü, Orda Kutuzovların, Nevskilərin yadı, Orda Suvorovların, Donskoyların adı. Qanlı dəhlizlərində canlanır Kuzma Minin, Divarlarda kölgəsi titrər Kropatkinin. Orda Dəli Petronun hirsi var, əməli var, Orda sosialistlərin ruslaşan təməli var. Kremlin, o çarlığın qanlı taxtına yuva, Kremlin, o bu gün də xırçınlaşan Moskva… Yox orda hürriyyətin gözlə görünən əksi, Bəlkə var da, boğulmuş sulu zindanda səsi. Orda qan ləkəsidir torpaqda qalan izlər, Orta çağın canlısı ölüm qoxan dəhlizlər. Orda qorxunc gecələr, qanlı sabahlar orda, Cəsədlərlə dənizə gömülən ahlar orda. Orda ani verilən məhkəməsiz fərmanlar Orda qurşun başların ağrısını dərmanlar, Orda zəncir səsindən çınlayan ovalar var. Yayılır ənginlərə orda qırbac səsləri, Yollarda sürgünlərin tükənən nəfəsləri. Orda ölüm kampları ac milyonları bəklər, Gecələr növbətçisi qan içici köpəklər. Orda qonar qarğalar hər gün minlərcə leşə, Bir ölüm dünyasıdır, Sibirya başdan-başa… Sibirya… O bir məzar hər sürülən yığına, Tanrı belə peşmandır onu yaratdığına. Sibirya, o üzləri donla kavuran buçaq, Atəşli könülləri buzla yaxan bir qucaq. Ruzgarı ölüm qoxar, günəşi dondurucu, Uzandıqca uzanır, nə sonu var, nə ucu. Atılanlar qoynuna “sakitləşir”, “uslanır” Orda zehinlər durur, orda fikir paslanır. Yalnız qollar çalışır, kəskinləşir dırnaqlar, Buz bağlamış torpağı qazıb, eşir dırnaqlar, Orda bir təsəllidir gözlərdə gizlənən nəm, Alovlu bir cənnətlə iştə buzlu cəhənnəm. Buzlu cəhənnəm, o dün bir çarlığın təməli, Buzlu cəhənnəm, bu gün bir varlığın təməli. Varlıq ki, içdiyi qan, yediyi də canlı ət, Sümüklərin üstündə yüksəlir qızıl cənnət… Dün orda sakin, yaşıl bir Krım vardı nərdə? Nerdə qoca Qafqasın bağrında Çeçen yurdu? Onlar dəva ararkən düşdükləri o dərdə, Fəqət azğın Moskva qudurduqca qudurdu. Bir əmr, əvət, yalnız kəskin bir əmr… “Baş”dan, Bir baş ki, vücud etsə, qəlbi, ciyəri daşdan. Bir əmr… Krım, Çeçen, Sibiryaya… Bu qadar! Yüz illərlə o yerdə məskən quran yuvalar. Sovruldu yol üstünə bir ovuc torpaq kimi, Çoluq-çocuq, gəlin, qız – quru bir yarpaq kimi Səpildi Sibiryanın o soyuq sinəsinə, Səs verdi qırbac səsi ac qurdların səsinə… Ermək üçün “Zorba şef” qıpqızıl əməlinə, Milyon daha gömürlü “cənnətin” təməlinə. Söylə, hansı tarixdə, hansı dövrdə, nerdə, Görülmüş milyonları aşan sürgün sürüsü? Hansı qələm tərcüman olmuş bu qanlı dərdə, Yemyamların içində varmı böylə birisi? LƏNƏT! HÜRR BIR ALƏMDƏ INSAN HÜRRIYƏTINƏ, MƏLUN BIR QÜVVƏT KIMI ZƏNCIR VURANA LƏNƏT!!! Qapılıb bir zümrənin zor güdən niyyətinə, Müqəddəs diləklərə qarşı durana lənət!!! Əsrlərin içində iyirmincisidir bu, Çəkilirmi çarmıxa hür bir dilək, hür duyğu? Bir “cənnət” ki, saçdığı ölüm, verdiyi qayğı, Rəngi şəfəqdir, guya, saçdığı qana lənət!! Yox, yox, bu yol deyildir həyata dad verəcək, Insan hürriyyətinə ruh və qanad verəcək. Bir “cənnət” ki, zülmətin pərdəsini hörəcək, Onu qaranlıqlarda öylə qurana lənət!! Versəydi Tanrım mənə keçmişdən bir anımı, Yaxaraq bir məşələ, qurardım bir hür ocaq, Götürüb insanlıqdan ruh alan fərmanımı Salardım dörd bir yana, şənlənərdi hər bucaq… Qazardım könüllərdə yalnız bir tək ideal: “Insanlara hürriyyət, millətlərə istiqlal!” Hardasan, ey xilaskar Bozqurdum, çıx yoluma, Hardasan, ey Teymurun qüdrəti, gəl qoluma, Şimşəklər kimi bir an mən çaxmaq istiyorum. Hürr bir dünya, hürr bir din, hürr bir Tanrı, hürr bir yol, Hürr bir həyat, hürr vicdan, hürr bir qafa, hürr bir qol, Hürr bir şeir, hürr bir eşq, hürr bir məskən, hürr əmək. Insan oğlunun əsil hürr cənnəti bu demək! Indi, böylə bir aləm, böylə bir dünya deyə, Hər kirli bir bucağa, bir su kimi axmalı. Küllərini ruzgara vermək üçün hədiyyə Hürr insanlıq uğrunda Kremli yaxmalı. * * * Buludlar Lermontovdan iqtibas Ey lacivərd göylərin əbədi yolçuları, Mirvarid zəncir kimi üfüqlər aşarsınız. Sizdəmi mənim kimi doğma, əziz vətəndən Qovuldunuz, onunçun cənuba qoşarsınız? Kimdir qovan sizləri, talemi, ya qərarmı? Və ya gizli bir həsrət, açıq bir qərəzmi var? Yoxsa bu geniş göylər gəzməyə sizə darmı? Genəmi axşamlarda şeytanların bəzmi var? Yox, yox… Siz bu bəhrəsiz tarlalardan bıqdınız, Onun üçün uzun bir yolçuluğa çıxdınız… Yabançıdır sizlərə iztirab və ehtiras, Siz o boşluq içində azad doğulursunuz. Sizlər ki, mənim kimi duyamazsız kədər, yas Nə bir vətəniniz var, nə də qovulursunuz. * * * Boğulmayan bir səs Dağıstandan annəmə məktub Deyirlər mənə ki, genə hər axşam, O titrək əllərin razi-niyazda. Bilirəm yolumu gözlədiyini, Mən gələ bilmədim sənə bu yaz da… Deyirlər hər sabah alnın möhürdə, Genə yalvarırsan Rəsulillaha… Bir şey ummayıb bu dilsiz dəhrdə, Ümid bağlamışsan böyük Allaha… Baxırsan daima sağır göylərə, Dərdi dərdin kimi ağır göylərə. Bəzən qulaq verib əzan səsinə, Dəyişir büsbütün o bət-bənizin, Üz tutub məscidin minarəsinə Köhnə səcdəgahda bükülür dizin… Əks edər mehraba sönük bir nida, Can verib durursan düşdügün oda. Bəzən üz çevirib qara Kəbəyə, Oxursan əsrinin son duasını. Bəlkə də keçən gün dönəcək deyə, Unutmazsan onun əlvidasını. Qaşların altından baxıb şimala, Ağlarsan yurdunun düşdüyü hala… Bəzən kipriyində iki damla yaş, Çıxarsan o tozlu yollar üstünə. Qəlbində çırpınar gizli bir təlaş, Derlər ki, bir dua oxursan mənə, Titrək dodaqlarla məni anarsan, Yanarsan, yanarsan, annə, yanarsan… Lakin mənim düşdügüm fırtınalar, boranlar, Mehrablarda əks edən dualardan nə anlar? Əsrlərlə izlənən o qaranlıq, əski yol, Çıxarmadı bizləri bir nicata, əmin ol. Nə çıxdı türbəsindən tapındığın məbədin? Mən anlamaq istəməm nə məzhəb, nə yol, nə din, Mənim yalnız ümidim Türk qəlbi, iradəsi, Mənim yalnız tutduğum millətimin haqq səsi. Mən yalnız iman etdim qollarımın zorona, Bu zor məni qurtarıb, çıxaracaq yarına Dağları titrədirkən qəlbimin daşan kini, Eh, sən ki bilməzsən bu gənc qəlbimdəkini… Mən atmışam o köhnə, əski görkümü, annə, Dinləsənə uzaqdan coşan türkümü, annə! * * * Böyük şəhidimizə Münir Kari üçün Özün bir nur ikən “qanlı ulduzun” Zülmət olduğunu qandın dedilər… Türk üçün yaranmış bu qoca Şərqə, Yeni bir gün doğar sandın, dedilər. Göz dikib qaralan dağlar ardına, Baxıb qəribsədin doğma yurduna, Ürəkdən qızaraq “Şimal qurdu”na Altun orduları andın, dedilər. Vətən bir çıraqdı, sən bir pərvanə, Dolanıb başına qıyardın cana, Bilmədinmi düşər yurd sevən qana? Sən də millət üçün yandın, dedilər… Qoyaraq millətin qəlbini dağlı, Düzdülər qurşuna qolları bağlı, Altay qəhrəmanı, Türküstan oğlu, Dünyaya dəyər bir candın, dedilər. * * * Dağlar Öpərkən alnından füsunlu bir yaz, Axıyor döşündən sellər, a dağlar! Yaşil, zümrüd gözlü yamaclarında Açılır lalələr, ğüllər, a dağlar!.. Tarixdə namının silinməz şanı, Karvanlar boynunun qızıl mərcanı, Sinəndə kəsərlər ellər qurbanı, Keçirərkən ağır illər, a dağlar!.. Torpağın cəvahir, daşların almas, Çamlıqlar geyinmiş ipəkdən libas, Bəzən bilməm neçin saxlayırsan yas, Quzğundan əsərkən yellər, a dağlar?.. Çəkilmiş qəlbinə əskidən min dağ, Titrəyir eşqini anan hər dodaq, Yayılır şikəstə səsləri dağ-dağ, Nə söylər bu qərib dillər, a dağlar?.. Zirvəndə oynayan ruzgarlar acı, Illərlə görünməz başının tacı, Anlat ki, dərdinin nədir ilacı, Nədir bu dumandan tüllər, a dağlar? Boynunda qızlardan rəngin bir dəstə, Lalələr dağılmış yolların üstə, Sən gəl bu ölkədən min qurban istə Səndən əsirgəməz yollar, a dağlar!.. * * * Dağlara vida Əzəldən can deyərək bu sevdalı ölkəyə, Hər qadasın aldığım sana əyan, a dağlar. Oxşarkən hər dərdini söz verdim ölüm deyə, Onunçun bu çəkdiyim dərd bipayan, a dağlar. Doğma yurdu tərk edib atıldım diyar-diyar, Görmədim gənc ömrümdə yaşanacaq bir bahar. Döndü həp düşmən oldu dost deyilən hər nə var, Barı sən dostluğunda möhkəm dayan, a dağlar. Qf, Bakı... Bu ayrılıq mana ölümdən ağır, Aləmə bahar gəldi, sənə yağmur, qar yağır, Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır, Bu boğulan səsimi varmı duyan, a dağlar. Hicrinə tab edərsəm, dağları dələcəyəm, Bir qanlı Sezar kimi mən yenə gələcəyəm, Bir gün Eldəgiz kimi hayqıra biləcəyəm, Artıq oyan, a dağlar, artıq oyan, a dağlar... Bir gün gələr qoşaraq yurdumun harayına, Mən atəş edəcəyəm düşmənin sarayına, Nə düşər yurdu batmış bir igidin payına? Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar... * * * Dağlar səslənirkən Ey uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur, Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur… Başımızdan fırtınalar gəlib keçdi, ölmədik, Torpağımız qan udaraq daşlarımız qızardı, Sultanlara yol vermədik, şahlara yar olmadıq, Sinəmizdən keçən yolçu dumanlardan azardı... Hər gün yeni bir ordu Köksümüzdə yol açdı, Hər gün yeni bir qartal Qanad açdı, qol açdı. Bir gün biri gəldi – “Mənəm bu dünyanın ağası”, Göy yaxamız beş gün oldu ancaq onun oynağı, O qudurmuş orduların bitməz oldu qovğası, Zirvəmizdə iz buraxdı şahinlərin caynağı. Hər gün yeni bir tanrı Çıxıb göründü gözə. Şamillər cana gəldi, Pənah gətirdi bizə. Çox zamanlar başımızdan şahin ötdü, sar keçdi, Çox hakimlər hökm eylədi, yaxşı, yaman bilmədi. Ərəb gəldi, bu yerlərdən kazaklarla çar keçdi, Lermontovun hiddətindən yaşıl Qafqas gülmədi. Bir çoxunun taxtına Yollar açan biz olduq. Bir çoxunun baxtına Ölüm saçan biz olduq… Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı, Qartallar uçdu getdi, meydan yenə boş qaldı. Bax varmıdır onlardan zərrə nişan, bir əsər? Nə qılınc var, nə qalxan var, nə meydan var, nə vuruş O çarpışan orduların oynağında yel əsər, Genə meydan bizimdir, bax, büsatımız qurulmuş. Ey uzaqdan gələn kəs, Qayıt getmə bu yolu. Sən də etmə gəl həvəs, Qəzəbimiz qorxulu. * * * Dağlardan xatirələr M.K.Ələkbərliyə Dün qarşımda nəvazişkar gülər üzlər oynadı, Qəlbimdəki ümid yenə coşdu, coşdu, qaynadı, Ətrafımda ləzgi, qomuq, avar, lak, tərəkəmə, Oynaq gözlər, şən dodaqlar, həpsi yabançı qəmə. Uzaqlardan uca dağlar əks edərkən gözlərə, Çıxdıq yaşıl təpələrə, məxmər donlu düzlərə. Al geyimli qızlarımız həpsi verib qol-qola, Çiçək dərir düzmək üçün sapmadaydı sağ-sola. Ormanlardan axıb gələn, qayalardan sızan su, Göy məxmərli dərələrin sükutunu pozan su, Səsləndikcə, qəlbimizin çırpınardı telləri. O sevdalı al mayısın lalələri, gülləri, Düzüldü yıldızlar kimi siyah, qıvrım saçlara. Başlarında çələngləri bənzərdi al taclara. Birdən-birə qarşı çıxdı min bir yıllıq yapılar, Hala açıq durmadaydı qalın, dəmir qapılar. Div gövdəli hasarların çıxdıq sökük başına, Baxıb durduq tarixlərin torpağına, daşına, Qəlbi qırıq xərabələr min bir dastan oxurdu, Keçmişləri yad etdirən əfsanələr toxurdu. Bir vaxt vardı zövq alardı rəzalətdən, zülmdən, Indi bu yıxıq sütunlar xəbər verir ölümdən, Nə xanların məclisləri, nə də şahlar divanı, Nə də haqqa qarşı çıxan “günahkarlar” divanı, Nə fəryadlar, iniltilər, nə zəncirli əsirlər, Yalnız ağlar sinəsində ölüb gedən əsirlər… Gəzib, gəzib çox dolaşdıq, qızlarımız yoruldu. Qarşı çıxdı al ləçəkli bir təpə, Gül-çiçəklilir təpə... Həpsi birdən halqa vurdu. Coşğun məclis quruldu, Çalğı coşdu, incə, şaqraq ləzginkələr vuruldu. Oynamaqçın incə çubuq əldən-ələ atıldı, İşvə, nazlar satıldı. Bir ləzginkə çağırmaqda ləzgiləri “Kirə”dən, Bir ləzginkə xəbər verir Xasavyurtdan, “Sura”dan. Bir ləzginkə oynadırdı çeçenlərin elini, Bir ləzginkə qabardinin xatırladır dilini… Nazlı Günəş çəkildikcə uzaqlara, ənginə, Boylanırdı qızıl dağlar sarımtıraq rənginə. Dağın zümrüd yaxasından baxan kiçik aullar, Yazın dilbər axşamından incə bir zövq alırlar. Yalnız bircə köhnə qala düşüncəyə dalmadı, Yorğun, ağır addımlarla bizdən uzaq qalmadı. Arxasından dərin dərə, sərin sular axardı, Ətəyindən iki Dərbənd bir-birinə baxardı. Dağ başına çıxanların ilişdikcə gözləri, Iki şəhri bir-birindən seçə bilər özləri. Gün batarkən bulaqlardan sərin sular içirdik, Ömrümüzdən bir gün belə incə, şaqraq keçirdik. Biz dönərkən axşam mavi kömləgini geyirdi, Uzaqlardan dağlar bizə dik başını əyirdi… * * * Durnacıq Bu günlər mənim dərdim başdan aşqındı yenə, Diqqət etsəniz əgər siz çöhrəmin rənginə, Ən ağır bir kədərin duyacaqsız izini, Dərdim gətirir cuşa qəlbimin dənizini. Içimdəki tufanlar, fırtınalar, boralar. Hər bir anda könlümü gah üzər, gah yaralar. Hər baxışdan qəlbimə saplanar dərin bir ox, Heyhat, yetim qəlbimin heç bir təsəllisi yox… Bu getdiyim yolların ucu yox, bucağı yox, Bəlalı baş qoymağa bir annə qucağı yox... Durna, gəl qəbul et, sən bu çarpaşıq oyunu, Tənəli söz önündə bükmə zərif boynunu. Küsmə, sevdalı durnam, hər dərdimiz bəlli, gəl, Gəl birlikdə bulalım baş-başa təsəlli, gəl. Ğetmə durnam, getmə, dur, axı yollar dolaşıq, Bir dinlə, bax nə diyor başı bəlalı aşıq... * * * Durnalar Uçursunuz alnı açıq, üzü ağ, Bağrım çatlar sizdən almasam soraq. Yorulanda olur sizə oturaq Göl kənarı yaşil çəmən, durnalar. Qaqqıldaşın, qoy yatanlar ayılsın, Əzilənlər qalxıb adam sayılsın, Şöhrətiniz bu ellərə yayılsın, Ey baş vurub göldə çimən, durnalar. Arzum budur kəsilsin göz yaşınız, Hər bəladan uzaq olsun başınız, Çiçəklənsin torpağınız, daşınız, Toxunmasın sizə düşmən, durnalar. Mən özümə sizi sirdaş sanıram, Arzunuzu düşünürəm, qanıram, Halınıza od tuturam, yanıram, Dərdinizi gəl bölək tən, durnalar. * * * Dönük qardaş 1944-cü ildə Ana yurda sığınıb, sonra düşmənlərə təslim edilən və ruslar tərəfindən sərhəddə məkinəli tüfənglə biçilib öldürülən 187 azəri qardaşımın əziz ruhuna Türk deyincə, özü, sözü mərd olur, Dost deyincə, ayrılmaz bir fərd olur. Qardaş deyib dara düşsəm, sığınsam, Bundan sora bu mana bir dərd olur… Mən də deyim bu vəfasız dağlara, Öz qardaşı dönük olan ağlar – a. Türk … O Altayların dünki ərimi? Yolunda can qoydum, verdim sərimi. Düşdügü ağlardan qurtarsın deyə, Sərdim ayağına doğma yerimi. Qardaş ərməğanı tökülən qanlar, Mana mükafatmı gedən qurbanlar? Mən deyirdim Qayıxandır soyumuz, Bir qaynaqdan varlığımız, boyumuz, Dilim dili, yolum yolu, əməl bir, Bir bayraqda ulduzumuz, ayımız, Azəri, türk, türkmən… varmı ayrılıq, Hardan doğdu bu imansız sayrılıq? Alnımızın yazısı qaradır, qara, Qaradan bir yaylıq yolladım yara, Yol uzun, yar uzaq, yetişməz əllər, Türklüyün qaynayan qəlbini sara… Fələk qıymış bəslənən bu diləgə, Lənət türkü xəncərləyən biləgə! Bir suçmu düşmənə köks gərdigim? Günahmı Türklügə könül verdigim? Düşmənin açdığı yaradan dərin, Ana yurdda öz qardaşdam gördügüm. Səslənsəydim səs çıxardı hər daşdan, Nə bəklərsən sağırlaşan bir başdan? Qaçdır əli qanlı çıxdı oyunda Nə biləm qəhbəlik varmış soyunda. Girdigim özyurddan döndərilərkən, Qanımın axdığı sınır boyunda, Açan lalələrdən bir çələng hörsəm, Türklük dünyasına ərməğan versəm… * * * Əlvida, Bakı (Türküstana gedərkən) Əlvida, ey müşfiq ana, əlvida… Bu anda qəlbimdə nə dərin qəm var, İçimdə bir sizi, gözümdə nəm var, Əlvida, ey müşfiq ana, əlvida… Səndə keçib getdi iyirmi dörd yaşım, Bir zaman bəladan çıxmadı başım, Sən oldun həmdəmim, dərdli yoldaşım, Laylalar söylədin mana, əlvida… Mən sana yad deyil, doğma oğuldum, Öz qanından gül yaxanda doğuldum, Günahım, "can" dedim sana, qovuldum, Acımadın bu qurbana, əlvida… Yox oldu Çəmbərəkəndi gözlərdən, Batıb getdi Pirvənzəli izlərdən, Kim nə anlar bu çarpaşıq sözlərdən, Bunlar bir xatirat mana, əlvida… Bir zaman qoynunda mən də yaşadım, Sokakdan-sokaka səsləndi adım, Bilməm sönəcəkmi səndəki yadım? Bəlkə də dönəməm sana, əlvida… Bax nə deyir yenə bu coşğun Xəzər, Qoynunda Şimaldan gələn yad gəzər, Bu bir dərd ki, məni ömrümcə əzər, Salır məni haldan-hala, əlvida… Uzaqda qaralır Qızlar qalası Söylər ki, başımın çoxdur bəlası, Nerdə öz oğulu, igid balası, Acısın düşdüyü oda, əlvida… Mənim günahım yox, məni bağışla, Çox çarpışdım, düşdüm tufanla, qışla, Bəzən salam göndər sən də bir quşla Getdiyim yer Türküstana əlvida… Əlvida, ey gözəl Bakı, əlvida! Sağlıqla qal, son sözüm bu, əlvida!.. * * * Əsir Azərbaycanım Nerdə məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə “layla, balam” çağıran, Azərbaycan, mənim baxtsız anam, oy, Neçə ildir həsrətinlə yanam, oy?!. Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirimi qırsa, oy!.. Hökm etsə, bu sərsəm gediş dursa, oy!.. Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adı dilimdən… Azərbaycan, mənim eşsiz* yurdum, oy!.. Ölməz eşqim, içimdəki dərdim, oy! Könlümə tək Kəbə etdim səni mən, Sənsiz neynim qürbət eldə günü mən, Sənsiz neynim Allahı mən, dini mən? Azərbaycan, mənim tacım, taxtım, oy! Oyanmazmı kor olası baxtım, oy?! * * * Gicginə I Mən Krımın sahilini Gəzib-gəzib dolaşdım. Yaşıl, dilbər təpələrdən, Uca dağlardan aşdım. Yalı boyu Qara dəniz Dalğalanıb köpüyor. Sahildəki Gicginənin Ətəyindən öpüyor. Gətirərkən sular dilə Sahildəki daşları, Gicginənin gözlərində Sallanır göz yaşları. Gicginə, o macəralar Yavrusunun beşiyi, Qara dəniz sahilində Tuqay xanım köyüşü. Köhnə saray Livadiya Sağ böyründə tikili. Bağ başında sandalyanın Qərib boynu bükülü. Sol böyründə uçub gedən Bir fırlanqıc yuvası. Keçən əsrin keçib gedən Gözü yaşlı durnası. Gicginə, o dilbər qızın Adladığı təpələr, Mahnısını dinlər imiş, Dərdin bilən ləpələr. Tuqay, yalı boynunda bir Böyük tacir sanılır. Hər yanda ad qazanmışdır, Hər tərəfdə anılır. Onu bəlkə imperator Böyük bilir, tanırdı. Otağında silsilələr, Çılçıraqlar yanırdı. Adlı xanlar, bəyzadələr, Knyazlardan qonağı. Hökmündəydi dağlardakı Qaçaqların yığnağı. “Qız salonu” süslənirdi Əsir düşən qızlara. Saf altunlar səslənirdi Kisələrdə yüzlərə. Şərq elindən gələn qızlar, Satılırdı bəylərə. Əks edirdi göz yaşları Ulduzlara, aylara. Zövqü üçün bütün qullar Sərf edirdi ömrünü. Torpaqları çeynədərək, Keçirirdi əmrini. Qara dəniz, Qara dəniz Köpürürdü, coşurdu. Gəmilərlə gələnlərin İmdadına qoşurdu. Gələn qullar boynu bükük Salamlarkən sahili, O müləvvəs gecələrin Kilidlənirdi dili. II Gicginə sahil boyunda Bir balıqçının qızıydı, Gözləri göy dəniz rəngi, Yanaqları qırmızıydı. O hər gün axşam çağında Çıxardı sahil düzünə, Göy dənizdən əsən ruzgar Tökərdi saçın üzünə. Onda bir tatar qızının Məhzun, dilbər üzü vardı, Gizli sevgi ulduzunun Gözlərində izi vardı. Bəzən sorar dalgalardan Sevdiyinin durağını. Dalğacıqlar gəlib dilə, Vermədəydi sorağını: – Xasay, Xasay, igid Xasay Dənizlərin elçisidir. Gəlməyəcək sənə bu ay, Uzun yollar yolçusudur. Xasay yoxsul bir tatardı, Sürməmişdi gənc ömrünü. Omuzunda daşıyırdı Tuqay xanın hər əmrini. Gəmidə bir muzdur kimi Çapalayıb durardı o. Bəzən coşğun dalğalardan Gicginəni sorardı o. Titrək, durğun gözlərindən Sıcaq incilər damardı. Sevdiyini salıb yada Sahilləri salamlardı… O zamanlar Qara dəniz Fırtınalı, boralıydı. Sular coşğun, əsəbiydi, Daşqın qəlbi yaralıydı. Üzərində əsən yellər Köpürürdü tufanını. Gəmidə hıçqıran qullar Coşdururdu üsyanını. Sahildə sərt qayaları Kökündən yıxmaq istərdi. Qan ləkəli bu yalları Üsyanla boğmaq istərdi. III Yenə yelkənli bir gəmi, Yaxınlaşırdı körpüyə. Əsirələr gəldi deyə, Göylərin artırdı qəmi. Tuqay xanın gözlərində Sar altun parıltısı, Gələnlərin üzlərində Hicran yaşı, ələm yaşı. Zəncirlənib aparıldı Tuqay xanın sarayına. Göy sərvlər səs verdilər Zəncirlərin harayına. Qız salonu doldu yenə Şərqin yetim qızlarıyla. İnləyərək satıldılar, Dəllalların sözləriylə. IV Bir gün yenə Gicginənin Dərdləri coşdu, çağladı, Çıxdı qalın ormanlığa Gizli ağladı, ağladı. Bir aralıq Tuqay xanın Qız ovlayan ovçusu, Qarşı çıxdı Gicginəyə Oldu onun alıcısı. Qız çırpınıb qarşı durdu, Çox yalvardı, çox ağladı. Fəqət Tuqay xanın qurdu Tutdu qolların bağladı. Qaçmaq üçün yolu bağlı, Yetməzdilər harayına. Düşdü əli, qolu bağlı Tuqay xanın sarayına. O sevdalı Krım qızı Düşdü qızlar salonuna. Dərdli gecələr ulduzu Büründü qəmdən donuna. Baxdı baş ucunda duran Tuqay xanın gözlərinə. Dəli, çılğın məclis quran Knyazların özlərinə. Bir yanda qul əsirələr, Bədənləri bütün çılpaq. Bir çoxunun omuzunda Qamçıların qoyduğu dağ, Qıvrılıblar ilan kimi, Atəşdə qıvrılan kimi. Əsir düşən Gicginənin Saray dolandı başına. Heyran-heyran baxıb durdu Tutuldu həp göz yaşına. Ürəyində sevdiyinin Günahsız eşqi canlandı. Atasını salıb yada, Qıvrıldı, qıvrıldı, yandı. O şimdi bir ölü kimi Zavallı, boynu bükülü. Yorğun pərişan telləri Açıq omuza tökülü. Baxıyor bir durna kimi Gözlərində parıltılar. Əks edəməz qulağına Saraydakı gurultular. Tuqay xanın damarında Ehtiras coşdu, qaynadı, Baxıb dilbər Gicginəyə Zövqü yerindən oynadı. Əmr elədi duran qula Aparılsın otağına. O hər zaman hazırlanmış Əsirələr yatağına. Knyazların əlində mey Oynadaraq gülüşdülər. Sonra durub zəncirlənən Gözəlləri bölüşdülər. İlan kimi qıvrılaraq Hərə çəkildi bir yana. Dodaqlar kinli, möhtəris, Damarlar gəldi həycana. Hər bucaqda, hər guşədə Yüksəldi nalə, hıçqırıq. Ət çignəyən dişlərindən Üzlər oldu qırıq-qırıq. V Tuqay hələ girməmişdi O zəncirli otağa. Gicginə bir sola baxdı, Bir də qanlı yatağa. Pəncərəyə yaxınlaşıb, Baxdı sahil boyuna. Ay nurunu səpirdi Göy dənizin suyuna. Gecələrin dərdli yeli Xəfif-xəfif əsirdi. Gicginənin ğir qeyb əli Ümidini kəsirdi. Dalğaların iniltisi Ulduzların atəşi, Sevdiyini xatırlatdı Ayın solğun baxışı. O bir həftə bundan əvvəl Mavi gözlü o dilbər Bir gecədə dədləşirdi Sevdiyilə bərabər. Xatirələr xəyal kimi Gəlib keçdi gözündən. O, ayrılmaq istəmirdi Sevdiyinin izindən. Qəlbindəki qırıq-tökük Əməlləri dirilirdi. O zəncirli həyat ona Bir cəhənnəm görünürdü. Bəlkə daha son olaraq Ümid ona gülməz idi. Bəlkə daha Xasaycığı Onu görə bilməz idi. O yaşamaq istər idi, O yaşamaq istəyirdi. Tale ona son olaraq Qanlı bir yol göstərirdi. Dodaqların çeynəyərək Acı-acı düşünürdü. O anda bir gümüş xəncər Gözlərinə ilişirdi. Alıb baxdı, hənuz qanı Silinməmiş dururdu. Tuqay onu əsirələr Sinəsindən vururdu. O an idi yan otaqdan Bir əsirə inlədi. Qalxıb-enən nəfəsini Dilsiz gecə dinlədi. O an idi Tuqay xanın Gurlu səsi yaxlaşır, O günahsız qızcığazın Son nəfəsi bağlaşır. Bütün ömrü gömülsünmü Cavan ikən torpağa? Ya dönsünmü yataqlarda Çignənən bir yarağa? Ya dönərək bir igidə Ona qarşı dursunmu? Qan damlayan poladcığı Sinəsindən vursunmu? Qərar verdi, gözlərində Qan izləri oynadı. Ürəyində quduz kimi Bir intiqam qaynadı. Qan ləkəli poladcığı Basdı yumşaq qoynuna Saçlarını dağıdaraq Düzdü bəyaz boynuna. Tuqay girdi, gözlərində Vəhşi zövqün nəşəsi, Gicginənin işvələrlə Boyalıydı çöhrəsi. Qarşılayıb Tuqay xanı Sürüklədi yatağa, Bu anda bir dəli fəryad Əks eylədi otağa. Bir ah çəkib düşdü yerə İnləyərək Tuqay xan, Axdı bəyaz yatağına Kin püskürən qızıl qan. – Vurulmuşdur Tuqay, – deyə Səs-küy düşdü saraya. Bütün qullar, əsirələr Qoşulmuşlar haraya. Gicginənin qəlbi quduz, Qan çökmüşdü gözünə. Dəli kimi baxmadaydı Gələnlərin üzünə. Əlindəki xəncərindən Damlayırdı qızıl qan, Yoxsulların göz yaşından Laxtalanmış rəzil qan. Zatən böyük paşaların, Knyazların, bəylərin, Zatən bütün torpaqların Dənizlərin göylərin. Tarixlərlə savırdığı Qan göz yaşı deyilmi? Sultanların içdiyi mey Haqsızların al qanı Kölələrin göz yaşıdır Əsirlərin fəğanı. Tuqay xanı həp bulaşmış Görüncə al qanına, Bütün sərxoş knyazların Qorxu düşdü canına. Əsirələr, bütün qullar Saraya kin saçdılar. O köləlik zəncirini Qollarından açdılar. O zamandan Tuqay xanın Qız salonu boş qaldı O yüzlərcə qız çegnənən Vəhşi saray loş qaldı. Günlər keçdi, aylar ötdü, Bir çox illər dolandı. Qara dəniz sahilləri Qızıl qanla bulandı. Bir gün dəli bir zəlzələ Qopdu, yerlər sıxıldı, O möhtəşəm şən saraylar, O qapılar yıxıldı. O zamandan o yerlərə Dalğalar baş əyirlər. Yavaş-yavaş Gicginənin Sahilinə dəyirlər. O zamandan o sarayda Gicginənin yadı var. Gicginə yox, yalnız onun Şən dillərdə adı var… * * * Gənclərə ümidim var Sən istərsən qəlbimi parçala, qır, çeynə, əz, Mənim yenə bu yolda tükənməz bir canım var! Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz, Mənim yenə də bir gün sana bir üsyanım var. Xoşmu gəldi sana bu, bir an üçün susduğum? Məni bu yoldan etməz hökmünlə qan qusduğum. Ey qoynunda dünyaya gəlib ayaq basdığım, Damarlarımda sana vəqf edilmiş qanım var. Mənim eşqim, a dostlar, əzəlidir, əzəli, Kim salacaq könüldən o sevdalı gözəli? Yox bir qüvvət ki, yaxsın qəlbimdəki əməli, Mənim ki, o qurtuluş gününə imanım var. Sən aldırma, içimdən yaralıyam, yaralı, Burax, keçsin gənc ömrüm fırtınalı, boralı, Mən bilirəm, sonunda çıxmam üzü qaralı, Yurdumun gənclərinə ümidim, inamım var! * * * Gölcüklə həsbi-hal Dalğın mavi göz kimi dərd andıran dalğalar, Coşduqca könül coşar, durma, amandır, Gölcük! Çoxdan bəri qəlbimin telləri oynamadı, Dərdim başımdan aşqın, halım yamandır, Gölcük! Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam, Eli, yurdu çalınmış bir qərib Qafqaslıyam, Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam, Bakıdan ayrılalı yaxın zamandır, Gölcük! Dolaşıb Türküstanı, Iranı addım-addım. Qəlbimi oxşayacaq bir beldə bulamadım. Səndəmi əks edəcək bilməm ki, indi yadım, Könül özgə bir aşqa bəlkə düşmandır, Gölcük! Yolsuz bir aşiq kimi sanma ki, səni buldum, Mən uzaq bir “Göygöl”ün yolunda böylə soldum. Bu doğrudur, bir dostun uğrunda qurban oldum, Bu bizim etdiyimiz əhdi-peymandır, Gölcük! Eh… hər bir aşinanın, hər bir dostun işi bu, Kimsədə yoxdur günah, dünyanın gedişi bu, Mənim də ilk eşqimin fırtınalı qışı bu, Könlümdə yalnız qalan kəskin imandır, Gölcük!.. * * * Gözəl yurd Qafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir, Mən hürr olaraq doğdum o zümrüd yaxasında. Dağlar beşiyim, geydiyi qarlar kəfənimdir, Illərlə, əsrlərlə sürünsəm də yasında, Ən sonda o, mütləq ki, mənimdir, o mənimdir! Qafqas… O yaşıl yurd, o müəbbəd vətənimdir… Qafqas… Onu mən görmədən ölsəm, ona dair Qəbrimdə yazılsın iki misra bu kitabə: "Aşiqdi gözəl yurduna qürbətdə də şair, Xəyyam necə aşiqdisə, gül rəngli şərabə…" * * * Hanı Axşam olur, quşlar dönər yuvaya Mənim dönüb qonacağım dal hanı? Sabah olur çoban enər obaya Mənim qalxıb-enəcəyim yol hanı? Yaz gəlincə dağlar duman quşanır, Dərələrdən sellər axır, boşanır, Könlüm deyir onsuz nasıl yaşanır? Söylər – mənim doğulduğum el hanı? Həsrət qalıb baharına, qışına, Sordum onu uçub gələn quşuna, Baxma, dostum, gözlərimin yaşına, Məni ondan ayıracaq qol hanı? * * * Hindli qızı Yenə sordum o gözəl qızcığazı, Yenə hicran onu sarmış dedilər. Pürxəzənmiş yazıq ömründə yazı, Bir yəqin matəm olmuş dedilər… Sızlayırmış yenə qəlbində sitəm, Çırpınırmış yenə dərd ilə ələm, Onu pək ağlatıyormuş acı qəm, Incəcik qəlbini yormuş dedilər… Qucuyorkən qara sis ellərini, Uzadın Şərqə kiçik əllərini. Pozuyorkən acı yel tellərini, Qaynaşıb dərdi coşarmış dedilər… Xırpalarkən onu hər qanlı bir əl, İnləyirmiş o siyah saçlı gözəl, Çağırır: “Azəri qız, qoş, bana gəl.” Gözü bir nuru ararmış dedilər… O soluq yavrunu şənləndirəcək, Qəmli, gülməz üzü həp güldürəcək, O axan yaşları bir an siləcək İnqilab ordusu varmış dedilər… * * * Hindistanda fırtına Derlər uzaq Hindistanın gül sinəsində, Zəncirlənən doğma ellər qan qusar, ağlar. Qoca Hindin bir hıçqırıq varmış səsində, Üfüqlərdə səslənirkən oyanan dağlar. Ənginləri ötən qara gözlü buludlar, Axıb gedən dərdi Qanda şikayət eylər. İlk baharın doğuşunu görməyən otlar, Qərbin acı ruzgarından hekayət eylər. Orda çılpaq annələrin sinəsində ac Yavruların yapraq kimi solmada ömrü. Sarılarkən kölələrin omzuna qırbac, Torpaqları çeynəyərək keçirir əmri. Orda qoca Hind dənizi əsəbi, qaynar, Sahillərin qəlbi qırıq qasırğalardan. Çaylarında axıb gedən meyitlər oynar, O dənizin udduğu qan, sovurduğu qan… Fırtına var, Fırtına var, Parçalandı göy… Üfüqlərin yİldırımlar doldu qəlbinə, Qopacaqdı fırtınalar, İşdə yandı göy, Bu qudurmiuş qasırğalar nə istəyir, nə? Çınlandı yer, Çınlandı göy, Çatladı dağlar… Buludların üz-gözündə təlaş var, təlaş, Qopdu böyük bir zəlzələ, Partladı dağlar… Evərəstin ciyərindən qopdu böyük daş Fırtına var, Fırtına var, Köpürdü çaylar, Bir sel axdı meyitlərdən ümmana doğru. San yerindən devriləcək qanlı saraylar, Qoca hindin çatladı bax, Çatladı bağrı. Kinli Bombey, əski Qanqon, o qanlı Dehli Bir həzz aldı fırtınadan, qızışdı üsyan, Əsirlərlə zəncirli bir ölkənin əhli, Gündüzlərə saçdı alov, gecələrə qan… Qopdu çılğın fırtınalar Coşdu axınlar… Od gətirən gecələrin qəlbi qudurdu, Qoşuldu bu fırtınaya uzaq, yaxınlar, Ingilislər bütün yolu bağladı, durdu – “Hind bizimdi!” “Çək əlini!” Dalğalandı səs, “O bizimdir, Qır zənciri, Götür kəməndi!..” Səs verdi bu dalğın səsə hər inləyən kəs, Sardı qanlı bir üsyan hər şəhəri, kəndi. Qopdu Qərbin ölüm saçan qanlı ruzgarı, Qan damladı fırtınanın odlu gözündən, Üsyan edən hindlilərin kəskin başları, Axdı Qanqın qan ləkəli coşğun üzündən. Fırtınanın qəlbi quduz, durmaz, inləyir, Qüvvət alır üsyan dolu qasırğalardan. “Hind bizimdir!..” Yalnız bunu, bunu dinləyir, Yan, ey məlun Britaniya, qırıl, tökül, yan! Savrılarkən torpaq üstə çanaq-çanaq qan, Yanır, odlu Hindistanın qəlbi yanır, bax! Söylə igid Hindirsona öyünməsin çox. Hindi almış dişinə bir kinli fırtına Qanadlanıb üsyanların minmiş sırtına, Elə azğın bir üsyan ki, daşsa dənizlər, Yenə böyük məqsədini durmadan izlər, Elə çılğın bir üsyan ki, Qorx sən özün də, Partlamasın Londuranın məlun gözündə “Ya azadlıq və ya ölüm…” Hayqıran üsyan, “Hind bizimdir, çək əlini…” Deyən zorlu fil Tapdağında sürüklənən bir aciz deyil, Bir gün gələr qəzəblənib tutacaq səni, Xortumunda ümmanlara atacaq səni. Fürsət ikən yığ şələni, başını al, qaç, O köləlik zəncirini Hindistandan aç! Yoxsa ölüm aman verməz, yıxar taxtını, Bax onsuz da uğursuzluq sarmış baxtını. Yan, ey məlun Britaniya, qırıl, tökül, yan. Hind qurtulur, Yarın olur. Azad Hindistan. * * * İran qızı Qırlarda ney səsiylə başlayır axşam, Dalar maviliklərə saralan əngin. Gözəl qız, o gül üzün nə qədər rəngin? Eh, olsaydım mən də bir nəşəli Xəyyam, İlahi bir eşqlə gələrək vəcdə, Edərdim can alan gözlərə səcdə… Parlayır Xorasanın altun qübbəsi… Beş günlük ömrünüz var, san gəlir ölüm. Qaldır üzündən qara hicabı, gülüm, Dinləmə gəl o qəmli, boğulmuş səsi, Çıx buludlar içindən qalma örtülü, Solmasın sinəndəki Təbrizin gülü… Axşam minarələrdən verilir əzan, Gözlərində parıldar mirvari yaşlar, Söylə, neçin çatılmış o qələm qaşlar? Tüğyan edən dərdini yoxmudur yazan? Baxıb dalğın gözlərə dağılır huşum, Söylə, gözəl şəhriyar, nədən sərxoşam? Mən ki, çoxdan içmədim Qafqaz şərabı, Ya neçin dönər başım, axar gözlərim, Sən keçdiyin yollara baxar gözlərim, Çarşaf altından bəzən edib savabı, Göstərirsən ay kimi o gül üzünü, Salırsan xəyalıma Odlar Qızını. Bir zamanlar mənim də yaşıl Qafqasda Sənə oxşar nazənin bir eşim vardı, Səsindən Kür coşardı, Araz çağlardı, Derlər ki, indi qalmış ələmdə, yasda Baxar qəribsəyərək doğma yurduna, Göndər salamını sən dağlar ardına… Yol uzun, əməl uzaq, ömrümüz qısa, Bir gülü çox gördülər bizə dünyada, Gözəl qız, ver içəyim coşğun bir badə, Kim bilir bəlkə dönməm bir də Qafqasa, Gəl sən mana öylə bir təskinlik ver ki, Oxuyayım yurduma dair bir türkü… * * * İgidlərə çağırış Türk dostlarıma I Gəlin dostlar, gəlin də bir araya, Dərman bulun qəlbimdəki yaraya, Çarə nədir bu yazılan qaraya, İgidlər, igidlər, daşqın igidlər, Dərdim başımdan çox aşqın igidlər. Yaralı bir bülbül, qırıq bir daldan, Qoparsa bir fəryad, sən anla haldan Söküb içimi qurtaran vəbaldan, Elim, gülüm, halım yaman igidlər… Fələk büsatını qurdu quralı, Ömrüm keçdi fırtınalı, boralı, Yaralıyam, dostlar, içdən yaralı, Igidlər, igidlər, canım igidlər, Qurumuş damarda qanım igidlər. II Genə bürünmüş al qana üfüqlər, Genə qorxu verir mana üfüqlər, Gebədir çətin bir ana üfüqlər, Bu qorxunc sükutu nədir boğacaq? Yokxsa bir qanlı günəşmi doğacaq? İgidlər, qorxum var "yaxın"dan, "dost"dan, Xain bir zor edər igidi postdan§ İçin ürpəşməzmi o çılğın səsdən, Kimdir əcəb yenə bir qan qusacaq, Omu, yoxsa tariximmi susacaq? Dostlar, diqqət o dikilən gözlərə, Kim qanacaq zəhər saçan sözlərə, Bir ölüm sunmaqda dövran sizlərə, Sipərmi istərsən, tunc köksün bir dağ, İnanmaq istərsən, bağrını sök, bax… III Aman, dostum, nədən qaşlar çatıldı, Yoxsa gücüm yabanamı atıldı? Təmiz qana bir afyonmu qatıldı? Nədən, böylə bu miskincə susduğun? Nədən, söylə keçmişinə küsdügün. Bax hirsdən çatlayır qəbrində atan, Əcəb orda bir skletmi yatan? Sığınmış o böyük ruha bu Vatan, Vatan torpaq deyil, damarda qandır, Ondan qeyri tapacaq yer, yalandır. Hansı məlun ona uzadacaq əl, Könüldə çarparkən bu ölməz əməl. Gəl, ey keçmiş, keçmişdəki şanım, gəl. Kimdir əcəb yollarımı bağlayan, Yadınmı içimdə böylə ağlayan. IV Baxıb uca Qafqaslardan uzağa, Kim meydan oxurdu rusa, kazağa, Salıb böyük orduları tuzağa, Kimdir yapan dörd bucağa axınlar, Siz söyləyin, siz ey bizə yaxınlar. O kim, bir vuruşda yıxan hər bürcü, Önündə diz çökdü erməni, gürcü, Nər igid qoca bir ordunun harcı* Söylə, dostum, söylə, bunlar yalanmı? Bir masaldan xatirəmdə qalanmı? Harda sənin zirhin, çəlik quşağın, Qapında serb, yunan, bolqar uşağın, Söylə, indi narahatmı döşəyin? İgidim, igidim, miskin igidim, Eşqinə, baxtına küsgün igidim. V İgidlər… Atılın köhlən atlara, Sarılın çəlikdən göy qanadlara, Qoymayın yas çökə bizim yurdlara, Igidlər, igidlər, yaman igidlər, Yenə dağlar başı duman igidlər. Aç, tarix söyləsin yenə bir dastan, Silinsin o əski qılınclar pasdan, Yaşıl bozkırların sıyrılsın yasdan, İgidlər, igidlər, mətin igidlər, Düşmənlə döyüşüm çətin, igidlər… Silkin, gözüm, silkin mənim qoçağım, Yenə çiçəklənsin yurdum, ocağım, Yolunda ilk qurban mən olacağım, İgidlər, igidlər, şanlı igidlər, İntiqamı müdhiş, qanlı igidlər. Ey gözümdə nurum, qəlbimdə qanım, Tarixdə sözləri dinim, Quranım, Çarpışdığım torpaq, quflu Turanım… İgidlər, bu yanıq kəlam, igidlər, Könlümdən sizlərə salam, igidlər. * * * Krımda axşamlar M. Müşfiqə Enərkən qızıl günəş qoca dağlar ardına, Baxardım heyran-heyran o dilbər təpələrdən. Boy atınca dənizdən nazlı ay, sevdalı ay, San busələr alırdı ləpələr ləpələrdən. Oh, axşamlar, axşamlar, hələ dilbər axşamlar. Gör nasıl bir yerdir ki, ellər orda axşamlar. Sahildə yüksək bir yer, qədimdən qalma saray, Uzaqlardan baxmağa gəlirlər burda aya, Sərvlər arasında doğunca sevdalı ay, Ən müqtədir bir rəssam qoy gəlsin tamaşaya. Oh, mən də saatlarca durdum o gözəl yerdə, Daldım şən təbiətin o dilrüba rənginə. Düşündüm elim nerdə, Krım nerdə, mən nerdə, Xəyalım uçdu həmən uzaqlara, ənginə... Ay tökdükcə nurunu göy dənizin üzünə, Sahildəki Gicginə yaldızlara batardı. Çarpdıqca dalğacıqlar Qırlanğıcın dizinə, Gözəl dilbər uzaqdan min bir işvə satardı. Livadyada zövq alan bir işçinin əlindən Çınlayan qarmon səsi əks edərkən gecəyə. Gətirirkən xatirə bu yerin keçmişini, Hər kəs heyran qalırdı bu dadlı bilməcəyə. Bu sarayda bir zaman möhtəris knyazların Əlində qan dolusu peymanələr yanardı. Ağ qartalın eşqinə səslənirkən qədəhlər Gecələrin qəlbinə ölüm zəhri sunardı. Bu sarayda bir zaman... Söylədilər, dedilər. Kinli generalların o vəhşi sinəsində, Məsum Krım qızları zövq üçün dirildilər, Bir hıçqırıq sönərkən boğulan nəfəsində. Xəyala gəlirmi heç ki, haman bu sarayda, Göy kömləkli bir işçi gəlib də dincələcək? Və ya kəndli bir yoxsul, şahların gəzindiyi Göy sərvlər içində yatıb sərinlənəcək? * * * Kopet dağları Mən sana gəlmişəm uzaq bir eldən, Məni də sinənə al, Kopet dağlar! Bu odlu qəlbimdə daşqın arzu var, Gəl mənə bir laylay çal, Kopet dağlar! Hər yanın bir çeşmə, göy çəmən, çayır… Artıq mən nə yazım təsvirə dair Gəlmiş hüzuruna əsir bir şair, Sevgimi qəlbinə sal, Kopet dağlar! Bir xatirat deyə qalsın dərində, Adımı əks etdir dərələrində, Mən gedər olsam da, sən öz yerində Əsrlər boyunca qal, Kopet dağlar!.. * * * Küsdüyüm bahar Yenə gəldi könlümün küsdüyü bui lk bahar, Yenə açdı, şerimə ruh verməyən çiçəklər… Eşqi baharda doğmuş və baharda solan bir Şair uğursuz gələn bu bahardan nə bəklər? Burax, ellər sevinsin, bu gəlişdən mənə nə, Ömrü qış kəsilən bir aşiq ondan nə anlar. Yad bir cənnət nə verir öz dərdiylə yanana, Qəlbimin təsəllisi fırtınalar, boranlar. Mən anlamam çiçəkdən, yaşıllıqdan, bahardan, Yetər ki, üfüqi sarsın bir şimşəgin çaxısı. Mən uzaq yaşadıqca o doğulduğum diyardan, İlk bahar sənin olsun, ver mənə qarlı qışı. On səkkiz il əvvəldi, nisan iyirmi yeddi, Gülərkən taleyimin döndü baharı qışa. On səkkiz ildən bəri qəlb o günə inlədi, On səkkiz ildir həsrət qaldığım o doğuşa. Mən necə köksümdə yer verəyim bir yad gülə, Bax, hala qan sızıyor qəlbimin yarasından… Ölürsəm, qəbrim üstə gəlirsə bir yad belə Anlatsın Odlu Yurdun Küründən, Arasından. * * * Qara dastan Kimsə bilməz Tanrıdağın yaşını Duman almış Altayların başını. Uçurtmuşlar başdan dövlət quşunu Qismətinə üz çevirmiş zaman hey, Qoca türkün düşdüyü dərd yaman hey… Dörd bir yana dağılmış Türk soyları Sönmüş ocaq, köçüb getmiş bayları. Dərdli-dərdli axar bozqır çayları, Saxlar içdən gizli ümid, güman hey, Qoca türkün düşdüyü gün yaman hey… Xarab olmuş Buxarası, Başkəndi, Matəm olmuş Səmərqəndi, Daşkəndi. Kəndi söylər, tökər gözdən yaş kəndi… Nə ozan var, nə yazan, nə Şaman hey, Qoca türkün düşdüyü dərd yaman hey… Qazan, Başqurd batmış, Krım sürülmüş, Mənim çəkikgözlü yavrum sürülmüş. Qonum-qonşum, bütün varım sürülmüş, Bulunurmu Sibiryada iman hey? Qoca türkün düşdüyü hal yaman hey… Türk elləri bir-birinə yadlanır, Qazax, Qırğız, Türkmən, Özbək adlanır. Azəri Türk yanır, içdən odlanır, Ana yurdun içdən halı duman hey, Qoca türkün düşdüyü dərd yaman hey… Azərbaycan dərd içində boğulmuş Sevənləri diyar-diyar qovulmuş. Ağla, şair, ağla, yurdun dağılmış Nerdə qopuz, nerdə qırıq kaman hey? Nerdə böyük Vətən, nerdə Turan hey?.. * * * Qafqas Bir zamanlar Puşkinin dindirib ələmini, Ona mənfa yerində gözəl bir cənnət oldun. Sevincindən az qaldı qırsın da qələmini, O bir hakim rus kimi coşdu, sən dərdə doldun. Bir zamanlar söylədi, qürurla gəldi vəcdə, “Qafqas altımdadır, mən üzərindəyəm” – dedi. Kazbekin dik başından sana edərək səcdə, Qopardığın ahları bir sevinclə dinlədi. Mən nə bir Lermontovam, nə bir qadir Puşkinəm Ki, bir rus qələmiylə mədh eləyəm ədanı. Mən yalnız yaranmışam almaq üçün qadanı. Qəlbimdə “vəhşi” deyə çeçenlərə yox kinim, Azəri, gürcü, dağlı bir ruh deyə anmışam, Mən yalnız sənin üçün ölməyə yaranmışam. * * * Qafqaz dağlarına Ülküdaşım Leylaya Qanadım yox, uçub gəlsəm yaxana, Sinəndəki şahinlərə eş olsam. Ya da məğrur bir qartalin qonduğu Köksündə bir əsirdidə daş olsam... Göy bir bulud olub səndə gərilsəm, Torpaq olub ayağına sərilsəm, Bir gül olub sənin üçün dərilsəm, Ya ovçunun şikarı bir quş olsam... Baxıb dursam uzaq-uzaq izlərə, Qulaq versəm səni anan sözlərə, Həsrətinlə buludlanan gözlərə, Səndən axan bir damlacıq yaş olsam... * * * Qalx, sevgilim Qalx, sevgilim, qalx da məni yola vur, Gec gəlinsə yurd başına çökəcək… Mən artıq gözləməm gün doğsun deyə, Kim bu bitməz intizarı çəkəcək? Qalx ki, yollar uzun, əməl uzaqda, Bu uğurda ölüm də var, tuzaq da. Qalx sevgilim, qalx da atımı gəmlə Sıcaq bir öpüşlə alnımı nəmlə, Yetər, gün keçirdim mən bu özləmlə. Sən aldırma, dağlar keçid verməzsə, Fırtınalar qopub yolumu kəssə! Qalx sevgilim, qalx da, quşlar ötüyor, Gözümdə bir savaş əksi tutuyor, Qalx ki, zaman keçdi, günüm bitiyor… El nə deyir, bax bu miskin duruşa, Qollarında güc yoxmu bir vuruşa? Qalx sevgilim, ver oxumu, yayımı, Çək altıma o küheylan tayımı, Kim o mənim inkar edən soyumu? Hansı qüvvət bükən mənim qolumu, Mən gedərsəm kim kəsəcək yolumu? Qalx sevgilim, qalx ta məni yola vur. Düşmənə ki, qəlbimdə çox acı var, Çökməm dizə, vurulmazsam arxadan Hələ məndə Bozqurdumun gücü var. Sən aldırma, dağlar keçid verməzsə, Fırtınalar qopub yolumu kəssə… * * * Qorkiyə Sən, daşqın dənizlərin qayalarla çarpışan, Yİldırımlar söndürən dalğasından yarandın. Şahlarin hökm etdiyi yoxsullar ölkəsində Ac, çılpaq “Ana”ların qəm, yasından yarandın. Ölkədə qan saçırkən knyazların qfrmancı, Sana düşmən kəsildi Romanovların tacı, Onunçun dönüb oldu sözlərin, adın “Acı” Yurdsuzları oxşadın, kimsəsizlərə yandın. Əzəldən inqilabın sən ayrılmaz eşisən, Boz dənizlərdə süzən fırtınalar quşusan, Sən bu gün milyonların tanınmış yoldaşısan, Dönməz mübariz kimi öz sözündə dayandın... * * * Qərbə Yenə qanla dolmuş afaqın, Canavar gözlərində kin parlar. İti caynaqlı qanlı pəncədə, Didilən, pək çox ağlayanlar var. Ey siyah üzlü vəhşi əfriyyət, Nə gözəl, kirli şöhrətin vardır. Varlığından usandı bir xilqət, Hakimin qan içən krallarıdır. O krallar, o kinli cəlladlar Hökm edən farsda, Çində, hər yerdə. Qopuyor ölkələrdə fəryadlar, Nerdə vicdan, ədalətin nerdə? Varlığın hər dəmirlə, daşlarla, Parçalansın da qanlı yaşlarla, Nə deyim, ah, o gözlərin batsın. Səni, ey Qərb, fələklər ağlatmaz, Bir qədər bəklə sən də, sən də bir az, Səni yalnız bir ağladan olacaq O da əlbət, qızıl, qızıl bayraq. * * * Qərib quşuma Qərib quşum, bu gəlişin nerədən, Uçub gəldin hansı dağdan, dərədən. Mən anlamam köksündəki yaradan, Bihudədir, məndə məlhəm arama, Məlhəm olsa, qoyaram öz yarama… Hansı cəllad o köksünü dişləyən, Əski bir yaramı öylə işləyən? O səs nə, içində dərdə başlayan? Beyhude dinlətmə mana nəvanı, Mən nə bilim kimlər yaxmış yuvanı… Kim dost ola, yarana kim ilişə? Bir eş bulsam, bu dərdimi bölüşə. Gəl aldanma üzümdəki gülüşə, Dal ruhuma, keçirdiyim anı gör, Gir qəlbimə, içdən axan qanı gör… * * * Qurbanın ola bilsəm Ağlama, ağlama, ey gözləri buludtlu yar, Barı uzaqdan olsa, qadanı ala bilsəm… Bir tərlan kimi qonsam o qar yallı dağlara, Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm, Qurbanın ola bilsəm… Yenə yaşlar göründü o dalğın gözlərində, Bir qurbanmı gedən var o buz dənizlərində? Illər boyu bir bahar görməyən düzlərində, Gül kimi açılsam da, gül kimi sola bilsəm, Mən sənin ola bilsəm… Dün bir yaralı durna bir xəbər verdi acı, Dedi: "Dağların issız, yox qumrusu, turacı" Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı… O dərdinə bir məlhəm, dir dərman bula bilsəm, Mən sənə gələ bilsəm… * * * Quzğun üçün Bir zamanlar vəcdə gəldim coşğun səsindən, Dinlədikcə dərdlərini sarıldım saza. İlham alıb dalğaların kişnəməsindən, Diyar-diyar sürükləndim dərd yaza-yaza… İçimdəki dərin sızı yadınmı, Quzğun? Dodağımda donub qalan adınmı, Quzğun? Söylə, sənə nədən "Dəli Xəzər" demişlər? Kor taleyin əldən-ələ gəzər demişlər, Səni sevən öz canından bezər demişlər? Yetməz oldu yollara göz dikdiyim, Quzğun, Bitməzmi bu kor fələkdən çəkdiyim, Quzğun? Söylə nədir üzündəki o qızıl ləkə? Qanmı verdi yarasından qucduğun ölkə? Xəyalınmı gözlərimdə bu mavi kölgə? Ey uzaqdan qadasını aldığım Quzğun, Gur səsini dost elinə saldığım Quzğun.. * * * Qürbətdə Mən torpağı atəşlə yoğrulan bir diyarın Doğdum yad çəkmələrlə çeynənən yaxasında. Ömrünü udub keçən hər qışın, hər baharın İçində mən ağlaram yalnız onun yasında… Basdığım hər torpağın qoy cənnət olsun üzü, Mən onu bir an üçün tapdayıb keçəcəyəm. Varsın da buz bağlasın hər bir çeşmənin gözü, Mən yenə o içdiyim ağudan içəcəyəm. Varsın hər çiçək, mana versin baharı müjdə, Qəlbimdəki dağların getməz başından qışı. Mən edəməm eşqimə yad bir məbədə səcdə, Burax, getdigim yolun tufanlar olsun eşi… Mən qürbətdə ölərsəm qəlbinə salma çilə, Söylə, dostlar gömməsin nəşimi torpaqlara. Yaxaraq vücudumu kül edib verin yelə, Bəlkə bir zərrə alsın ruzgar bizim dağlara. Yox, mən ölmək istəməm, görmədən doğma yurdu, Mən orda ağlamışam, mən orda güləcəyəm. Söylə, qoy sevinməsin Kremlin vəhşi qurdu, Mən tufanla doğuldum, tufanla öləcəyəm!.. * * * Qürbət məktubları Oradakı Həmşirəmə Çoxdan oldu almadım, Bacım, səndən nə bir məktub, nə soraq, Bilsəm nə qədər dərindən özləmim, Gözlərimdə bilsən necə titrəyir, O söyüdlü, o şam qoxulu torpaq. Hələ bizim o vişnəli bağçamız, O mənim nar ağacım, Yerində dururmu, bacım? Hanı bəs, sən bu yaz mənə Nişanlımın işlədiyi, Göz yaşlarıyla öpüb gümüşlədiyi, Mavi, ipək bir məndil yollayacaqdın? Çox gözlədim, yay keçdi, Qış da bitdi, Bahar gəldi, badamlar çiçək açdı, Hələ səndən xəbər yox, Harda mənim ipək, mavi məndilim? Hələ gələcək deyə, Boynumu əyə-əyə Illərlə göz yaşlarımı qurudan, Qürbət qoxulu məndilimi qoxlaram. Mənim bircik bacım, Dinlə, sana anlatayım qürbəti, Qəhr olası, çəkilməyən nazı var, Qürbət dedikləri issız bir ada, Dörd tərəfi ucsuz-bucaqsız dəniz, Sahillərində yalnız, Qayalara çarpan suların səsi, Bir də qərib martıların şərqisi… Burda nə ana səsi, Nə də sənin səsin var, Nə də o qara gözlü nişanlımın nəğməsi, Eşq nə, sevgi nə, Bilməz bu dağlar. Bir qəribin üzünə Baxıb gülməz bu dağlar… * * * "Qızıl kölələr" dünyasına Hürr insanlıq hayqırdı: Qəhr olsun zülm, qorxu, kin. Verdi milyonlar qurban… Bəs yenə bu qorxu nə? Millətləri qızıl bir oraqla biçmək üçün Xortlayan barbarlığın əskisindən farkı nə? Dünya yenə tərsinə dönər, sərxoşmu bilməm, Qanlı badirələrlə əylənmək xoşmu bilməm, Bunca çəkilmiş əmək bihudə, boşmu bilməm, Müztərib dodaqlarda bu bitməyən şarkı nə? Harda təhəkküm, zülüm, milyonluq əsir insan, Harda təqiblər, sürgün, top-tüfəng, ölüm və qan? Qaldır dəmir pərdəni, hökmünü versin cahan, Lənət qızıl dünyanın kölələr cənnətinə! Aç, göstər hər guşəni, hər kəsi var, kəsi yox, Mən bilirəm ki, orda uçan quşun səsi yox, Hürriyyətmi deyirsən? Yalan… Onun əksi yox, Milyonu beş paradır orda gəmigin, ətin… * * * Ləzgi ellərində Gülşən üçün Mən ömrümdə görməmişdim ləzgilərin elini, Durmamışdım uca, qarlı dağların dik başında. Şarabanla keçməmişdim coşğun çayın selini, Çapmamışdım at üstündə Şalbuz dağın döşündə. Dün mənə bir qoca ləzgi bir hekayət söylədi, Bu ellərin dilə gəlməz ən həqiqi şanından. Qartalların ölkəsindən min bir misal dinlədim, Sönməyən bir atəş duydum coşğun ləzgi qanından. Köhnə dünya bu yerlərdən atıb getmiş kürkünü, Bağrı yanıq minarələr son mahnını bəstələr, Hətta qoca ləzgi atmış xəncərini, börkünü, Bu dağlardan ötüb gələr al ləçəkli dəstələr. Yalnız mənim sevgilimin mahnısını dinləyir, Bu yerlərdə köhnə həyat can çəkişir, inləyir. Coşğun çatlar aşıb-daşır, torpaqlra qan verir, Uca dağlar diyarına inci səpər, can verir, Gözəl bulaq tel-tel olur göy çəmənlər içində, Traktorlar bəzənirkən yasəmənlər içində. Seyr edincə dağ döşündə o dilrüba Axtını, Damarında sevdalı bir şair qanı qaynadı. Mən o yerdə buldum yalnız qəlbimin şən baxtını, Gənclik eşqi canlananda könül tel-tel oynadı. Adlayınca dərələrdən, təpələrdən at üstdə, Mən o gündən bu yerlərdə başqa bir hal görmüşəm. Səhər, axşam göz yetirib bu ixtiyar dağlara, Şən, bəxtiyar dağlara, Zəncirləyib ürəyimi bu ellərə vermişəm. Onunçundur könül sevir aşıb-daşıb, coşmağı, Qarlı dağlar aşmağı… * * * Lənət şairliyimə Durma, gözəl sevgilim, oxşa məni, sev məni, Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım… Doğdum, doğalı sardı qızıl bir alov məni, Harda yaşıl diləyim, harda mənim amacım* Neyləyim, fələk məni məhkum etmiş qürbətə, Lənət olsun sunduğu ağu dolu şərbətə… Mən bilirəm bu yolun yox ucu, yox bucağı, Otuz beş bahar keçdi, otuz beş qışa düşdüm, Tərk edəli o dilbər, o sevdalı qucağı, Çəkənlər bilir ancaq, nə zalim işə düşdüm. İnsana Ən müqəddəs səadət, uca dilək, Sevgililər yanında, doğduğu yerdə ölmək. Yad yer ancaq qəm çilər bir aşiqin içinə, Dörd çevrə gülşən olsa, istəməm mən özgə yer. Bir daşını dəgişməm Misirə, Hində, Çinə, Tanrı cənnəti versə, mən deyərəm, onu ver. Cəhənnəm olsa belə, mana öz yurdum gərək, Atılaram qoynuna sevinərək, gülərək. Orda bir qaya olsam, yaslansa yar kölgəmə, Onsuz burda şöhrəti, şairliyi nedəm mən? Annəm məni doğarkən qurban demiş ölkəmə, Burax məni gözəl qız, öz elimə gedəm mən! Lənət şairliyimə, şerimə, həvəsimə, Hardasan, ay nazlı yurd, səs ver mənim səsimə! * * * Mayıs gözəlinə Yeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə Başında ipəkdən bir qızıl örpək, Döşündə lalələr, güllərlə gəlir. Bir bahar gülüşü mənimsəyərək, Lentalı, qıvırcıq tellərlə gəlir. Qarşıya çıxanlar dağılır düzə, Çökər müjdəçilər önündə dizə, Verməyə bir xəbər günəşdən bizə, Nəşəli, seydalı dillərlə gəlir. Gülüş – simasında pozulmaz bir şan, Görənlər hüsnünə vermədə min can, Qulağında sırğa, boynunda mərcan, Ellər nişanlısı ellərlə gəlir. İllərlə küsülü qəlbi acıdan, Ellər sevinc umar qoyduğu tacdan, Çiçəkli dərədən, zümrüd yamacdan Dalğın, aşıb coşan sellərlə gəlir. * * * Mənim İncim Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən, Mən bir inci tapmışdım Qafqasların içindən, Oynadarkən, əlimdən düşdü torpağa incim, Nerdə mənim gəncliyim, nerdə mənim sevincim? Duymadım, uçdu getdi o məndən çox uzağa, Taleh quşum başından enib düşdü tuzağa. O zamandan ki, mənim öz incimi çaldılar, Sanasan ki, eşqimi, sevincimi çaldılar... Olunca öz yurdundan, torpağından, daşından, Gənc bir şair nə anlar, baharından, qışından? Neyləyim mən ruhumu çox istəyən günəşi, Harda mənim ilahım, harda könlümün eşi, Mən nə edəm günəşin doğub ta batdığını, Önümə zəhər saçan bir gün yaratğını, Mən o gündən nə sevinc, nə bir həvəs bilirəm, Yabançı mahnılarla ağlayıram, gülürəm!.. * * * Mənim türküm Aşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana, Daşımaz qorxulu dağlar bu tükənməz yasımı… Gör mələklər verələr cənnəti-əlayi mana, Söylərəm: istəməm ol cənnəti, ver Qafqasımı! Qafqasın eşqi bütün zər dolu dünyaya dəgər, Desələr yurdu unut, al “Yeni dünya”yı əgər, Söylərəm, eşqimi ver, haqqımı ver, yurdumu ver, Dinləsin qoy bütün aləm bu boğulmaz səsimi! * * * Mənim protestom Cəmiyyəti Əqvama açıq məktub Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva, Bir millətin fərdiyim, mənim də bir səsim var. Dağları al qanımla boyanmış bir ölkədə Anlasan yaşamaqçın nə qədər həvəsim var… Onun "rus" dediyi yer torpağımdır, daşımdır, Onun başındakı tac mənim dövlət quşumdur. Jenevdə sunduğu mey, o mənim göz yaşımdır, Eh, bilsəydin başımda nə bəlam, nə yaşım var. Bakı… O mənim Kəbəm, o mehrabım, o yurdum, Yolunda qanlı çara illərcə qarşı durdum. Rus zəncirini ilkin mən çeynədim, mən qırdım, Dünyaya müjdə yazdım: azad bir Qafqasım var… Bir gün bir "dost" göründü, bizə bir badə sundu, Sundu da, başımıza "tülkü" getdi, "qurd" qondu. Yandı əməlim, eşqim, vətənim, oda yandı… Ortada qan, püxtə leş, atəş, kül, duman qaldı. Tfu… tarixə tfu… tərsinəmi dolandı? Ölkəmiz parçalandı, bağrına od qalandı, Millətlərin naminə zəngin ellər talandı. Dağlara əks edən səs: yalnız ah, aman qaldı… Artıq o nazlı eldə tütəcək bir ocaq yox, Annələrin göz yaşı azmayan bir bucaq yox, Eyvah ki, baş qoyacaq nə bir diz, nə qucaq yox, Anladıq ki, dünyada yaxşı yox, yaman qaldı… Dinlə, sən ey dünyanın haqq arayan dik başı, O bir vəhşi hökmdar, içdigi qan mənimdir. Bir quldur bir zənginin olurmu arxadaşı? Sana bir can verirsə, əlbət o can mənimdir. Mənimdir o saçdığı altun, para, çalınmış… Məclisdə haqqım diyor, o haqq məndən alınmış, "Moskov" deyib keçməyin, ayaqlara salınmış, Varı-yoxu talanmış Azərbaycan mənimdir. Dünya bilir bu haqqı, neçin nədən danılır? Onun çapqın olduğu həp içindən tanınır. Millətlərin düşməni bir dövlətmi sanılır? Ona qarşı hər zaman kəskin üsyan mənimdi Dinlə, sən ey cahana haqqı göstərən masa, Dağıstanlı, gürcülü hakim bizik Qafqasa. Aləmə xəbər olsun, o gər bizim olmasa, Yolunda töküləcək son damla qan mənimdir. Verin mənə yurdumu olsun cənnət bucağı, Bir dövlət qurayım ki, sülhün doğma ocağı. Başında dalğalansa üç boyalı bayrağı, O zaman zənn edərəm bütün cahan mənimdir. Buraxın qoca Şərqi bir az da yaşasın hürr, Yetər ki, əsrlərin altında oldu əsir, Dünya istiqlal deyir, bu onun da haqqıdır. Bu uğurda yenilməz qüvvət, iman mənimdir. Buraxın parçalansın zülmün haqsız yapısı, Silinsin yer üzündən kommunizmin kabusu, Millətlərə açılsın öz yurdumun qapısı, İnsanlara hürriyyət! Bu dilək, şan mənimdir!! * * * Mənmi? Sormayın kimlərdənəm, haralıyam, a dostlar, Könüldən fırtınalı, boralıyam, a dostlar, Qızıl bir qurşun aldım, yaralıyam a dostlar, Cövrünə tab edərsəm, dağları dələcəyəm, Qurban qəbul edərsə, yolunda öləcəyəm… Dəyməyin, siz dəyməyin, ta qəlbimdən dağlıyam, Mən dünyaya ün verən Altayların oğluyam, O torpaqda doğmuşam, o torpağa bağlıyam. İstəməm bir yabançı göz diksin bir daşına, Yol ver, yol ver qonayım o dağların başına… Ey yıllarla uzaqdan həsrətini çəkdiyim, Uğrunda gizli-gizli göz yaşları tökdüyüm, Nə bu, dinsiz taleyə böylə boyun bükdüyüm? Gözümmü kor, qolumda qüvvətimmi yox mənim? Hardasan, ey keçmişim, gəl, qəlbimə ax mənim! Mənmiyəm Altaylarda başı göylərə dəyən? Tarixi mənmi yazdım, tarixmi məni öyən? Mənmiyəm indii böylə təvəkkülə baş əyən? Hansı zalım, o mənim qollarımı bükəcək? Hansı qüvvət, o məni zəncirlərə çəkəcək? * * * Mən də ağlamıram Mən ki, hala bir gəncəm, ümidim var, şanım var, Damarlarımda coşan, axan qızıl qanım var. Madam ki, köksüm dəmir, ağlamaq, neçin, nədən? Sürünmərəm həyatın uçurumlarında mən. Qaldıraraq başımı indi mühitə baxdım, Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım. Qapadım bir məzara öksüzlüyün daşını. Gözlərimdən silmişəm əmirsizlik yaşını. Əməllərimlə etdim, göz yaşına əlvida, Qəlbimdə indi ümid, bir yüksək buludlu dağ Önümdə görünməyir nə uçurum, nə qazıq, Ümidsizlik içində ağlayanlara yazıq... * * * Mən kiməm Bir zamanlar Altaylardan enib yaşıl düzlərə, Asiyanın göbəyində atəş yaxan mənmiyəm? Göy xaqanından salam gətirib dənizlərə, Batıya coşğun bir sel kimi axan mənmiyəm? Mənmiyəm qırbaclayan qərbin üfüqlərini? Harda qırbacım mənim, göstər mana yerini? Mən kiməm, kimlərdənəm, harda mənim el-obam? Bu doğrumu, deyirlər Oğuzmuş igid babam, Sarılmış oymaqlara vermək üçün bir nizam. Minərək şimşəklərə göydə çıxan mənmiyəm? Anlat mana Mete kim, Cebe kim, Sabutay kim, Çingiz, Teymur varmıymış, Gurşad kim, Cığatay kim? Söylə, mənmiyəm quran ilk birlik əsasını, Söylə, mənmiyəm yapan türkün tək əsasını. Mənmiyəm şimdi tutan tariximin yasını? Şimdi həsrətlə böylə dünə baxan mənmiyəm? Mənmiyəm ölü, durğun bir dəniz kimi böylə, Söylə, ey Bozqurdların yaşıl diyarı, söylə! * * * Muradı keçərkən Axıyor dalğaların hər dərədən, Bu yürüş hökmünü aldın nerədən? Ağ kəfən örtülü dağlardanmı? Sana qan udduracaq vəhşi dodaqlardanmı? Dur, Murad, dur, Yetər axdın dəlicə, O nə çöhrəndəki qan? Bir gülüş uğruna bir eşqi yıxan, Dəli bir qəlbin o bir işvəsimi? Gəl Murad, boğma mənim gur səsimi. Dur, Murad, dur ki, qudurdun, azdın, Sən mənim qətlimə fərman yazdın. Gəl Murad, gəl də dəyişdir bu yolu, Olma zalim fələyin əmrinə ram. Bu yolun ən sonu dəhşətlə, fəlakətlə dolu, Məni boğmaqsa məram, Gəl qopar qəlbimi vur daşlara, vur, Yeni qurban sanaraq inlə, qudur… Lakin əfsus, nə yazıq, keçdi keçən, Canlı bir tel qoparıb almaq üçün qəlbimdən, Şimdi yox səndə hünər Nə yazıq, kedi keçən… Şimdi mən Nə sənin sandığın aciz biriyəm, Nə kərəmlər kimi bir sərsəriyəm. Ki düşüb yalvarayım dizlərinə, Yox,yox, artıq o riyalar dolu Durğun görünən gözlərinə. Aldanıb girməm, o bir qınlı tuzaq, Nə yazıq, keçdi keçən, qaldın uzaq… Dur dedim, Durma, sən istərsə qudur… Al da bas bağrına buz çöllərini, Topla gəl dağların ağ sellərini, Qapla dur sağ-solumu; Nə yazıq, sən kəsəməzsən yolumu. Nə yazıq, keçdi keçən… Şimdi mən, Fırtınalardan dəli bir zövqə dalan, Dalğalardan güc alan, Qan, ataş, dalğa, boran oynağı bir şanlı quşum. Mana qan içməyi əmr etdi bu gün hayqırışım. Çünki qan içməyən haqq almayacaq, Aciz olsam, mana yer qalmayacaq. Baxma könlümdə bu gün bir sıra yaslar yaşayır, O böyük Kürlər, Arazlar daşıyır. * * * Müqəddəs ixtilal Qaranlıqda gözlərim dikilmiş üfüqlərə, Bir fırtına səsi var, buludlar göydə dal-dal Açmış Doğu bağrını sökəcək şəfəqlərə, Qop, ey dəli fırtına, rişəni könlümə sal, İxtilal istəyirəm, müqəddəs bir ixtilal… Doğan günəşlə qopsun bir axın vəlvələsi, Görünsün qan köpüklü qasırğanın yeləsi, Bitsin əsir türklüyün, bitsin artıq çiləsi, Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural, İxtilal istəyirəm, müqəddəs bir ixtilal… Sovursun ümmanlara gövdə, bacaq, bilək, baş, Yerə girsin, Kremlin qalmasın daş üstdə daş, Hürr insanlıq uğrunda başlasın qətli-savaş, Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal, İxtilal istəyirəm, müqəddəs bir ixtilal… * * * Moskva Orda hürr ölkələri saran zəncirin ucu, Orda puç Neronların ölüm, qan yayan gücü. Aldanıb tuzağına düşən hər diyar bilir, Orağı insan biçər, çəkici öldürücü. Kremlin… onu sorun tarixin yarpağına, Qaç milyon insan qanı çilənmiş torpağına? İçdikcə qan istiyor, içdikcə quduzlanır Diqqət! Dörd bir tərəfi hörülü insan ağına. Orda Dəli Petronun hirsi var, əməli var, Orda sosialistliyin ruslaşan təməli var. Nerdə bir canavarlıq, bir cinayət çıxarsa, Orda barbar, kommunist Moskvanın əli var. Moskva, bir cənnət o sərsəri bir yığına, Korlar ancaq o qızıl məzhəbaya sığına Saçdığı vəhşətlərin qurbanıdır bu kürə, Tanrı belə peşmandır onu yaratdığına… Orda hürr ölkələri saran zəncirin ucu, Orda puç Neronların ölüm, qan yayan gücü. Aldanıb tuzağına düşən hər diyar bilir, Orağı insan biçər, çəkici öldürücü. Kremlin… onu sorun tarixin yarpağına, Qaç milyon insan qanı çilənmiş torpağına? İçdikcə qan istiyor, içdikcə quduzlanır Diqqət! Dörd bir tərəfi hörülü insan ağına. Orda Dəli Petronun hirsi var, əməli var, Orda sosialistliyin ruslaşan təməli var. Nerdə bir canavarlıq, bir cinayət çıxarsa, Orda barbar, kommunist Moskvanın əli var. Moskva, bir cənnət o sərsəri bir yığına, Korlar ancaq o qızıl məzhəbaya sığına Saçdığı vəhşətlərin qurbanıdır bu kürə, Tanrı belə peşmandır onu yaratdığına… Orda hürr ölkələri saran zəncirin ucu, Orda puç Neronların ölüm, qan yayan gücü. Aldanıb tuzağına düşən hər diyar bilir, Orağı insan biçər, çəkici öldürücü. Kremlin… onu sorun tarixin yarpağına, Qaç milyon insan qanı çilənmiş torpağına? İçdikcə qan istiyor, içdikcə quduzlanır Diqqət! Dörd bir tərəfi hörülü insan ağına Orda Dəli Petronun hirsi var, əməli var, Orda sosialistliyin ruslaşan təməli var. Nerdə bir canavarlıq, bir cinayət çıxarsa, Orda barbar, kommunist Moskvanın əli var. Moskva, bir cənnət o sərsəri bir yığına, Korlar ancaq o qızıl məzhəbaya sığına Saçdığı vəhşətlərin qurbanıdır bu kürə, Tanrı belə peşmandır onu yaratdığına… * * * Nəriman Nəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır Şərqə bir səadət aradığın gün Nəriman, üyrəyin parçalandımı? Göz qapaqlarını yumarkən o gün Dodaqların qoca Şərqi andımı? Üfüqdən axdınmı, sən də söndünmü? Sardı olüm rəngi dodaqlarını… Nəriman, ölürkən heç düşündünmü Şərqin issız qalan bucaqlarını? Ah, şimdi ayrıldın, qaldın uzaqda, Kəsdi aramizı ölüm pərdəsi. Söylə, gəliyormu sənə torpaqda Viran Şərq elinin yanıqlı səsi... Önümüzü kəsən dərəmi, dağmı? Uçurumlar bizi qorxudacaqmı? Ətrafımız olsa zalımlar dolu. Yenə izləyiriz ğetdiyin yolu. * * * Nə üçün Mən artıq nə yazım yurduma dair, Düşmən zəhər saçır, dostlar gizlənir. Bilməm öz yurdunu sevən bir şair Nə üçün bir cani kimi izlənir? Gizli yol kəsmədim, qaçaq olmadım, Sakit bir həyatı pozmadım mən ki, Heç kimə qanlı bir bıçaq olmadım, Heç bir qətlə fərman yazmadım mən ki... Bəs neçin qəribəm bu doğma eldə, Məhbəsmi dörd yanım, mən ki boğuldum... Məlun bir zamanda, məhkum bir ildə Allahım, mən neçin şair doğuldum?.. * * * Nə olurdu Nə olurdu kor olsaydım, görməsəydim əzəldən, Görməsəydim o doğduğum dərələri, dağları, Almasaydım ilhamımı o talesiz gözəldən, Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları… Nə olurdu, göz açarkən Quzğunumun dibində Mən kəndimə yosunlanmış, dilsiz bir daş bulaydım, Çomağıyla sürü güdən bir çobanın önündə Yar yolunda kəsiləcək bir qurbanlıq olaydım… Mən nə bilim bu qürbətin çəkilməyən nazı var? Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi, Mən dərdi yox edəm derkən, dərdim məni əritdi… Vurma, könül, vurma, əlbət bu qışın bir yazı var, Bu qara gün keçicidir, bir gün bitər, inləmə, Bağçamızda sarı bülbül yenə ötər, inləmə. Nə olurdu kor olsaydım, görməsəydim əzəldən, Görməsəydim o doğduğum dərələri, dağları, Almasaydım ilhamımı o talesiz gözəldən, Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları… Nə olurdu, göz açarkən Quzğunumun dibində Mən kəndimə yosunlanmış, dilsiz bir daş bulaydım, Çomağıyla sürü güdən bir çobanın önündə Yar yolunda kəsiləcək bir qurbanlıq olaydım… Mən nə bilim bu qürbətin çəkilməyən nazı var? Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi, Mən dərdi yox edəm derkən, dərdim məni əritdi… Vurma, könül, vurma, əlbət bu qışın bir yazı var, Bu qara gün keçicidir, bir gün bitər, inləmə, Bağçamızda sarı bülbül yenə ötər, inləmə. * * * Neyləyim Keçdi bahar, bitdi güz, o dağları qış aldı, Dost elindən bir xəbər almadım, neyləyim? Baxıb, baxıb yollara gözlərimi yaş aldı, Mən o elin yolçusu olmadım, neyləyim? Gəzib, gəzib dolaşdım, dünyanı sərxoş kimi, Yox olası yad eldə hər yer mənə boş kimi… Çırpınaraq didildim yaralı bir quş kimi, Dincələcək bir yuva bulamadım, neyləyim? Ah, o vətən, o yurdum… Eşsiz, cənnət bir ölkə, Onsuz böylə yaşamaq, məncə, iyrənc bir ləkə, Onsuz din bir əfsanə, onsuz Tanrı bir kölgə Onsuz xilqətdən ilham alamadım, neyləyim? Verin mənə yurdumu, qaya olsun, dağ olsun, Ayaqlarımda zəncir, düşdüyüm bir ağ olsun, Mən ölürsəm yolunda, sevənləri sağ olsun, Üzümü torpağına sürəmədim, neyləyim? Gəlib yaşıl qoynuna girəmədim, neyləyim? * * * O mənimdir əzəldən Əsmə, ey sabah yeli, böylə müxalif əsmə, Tellərini pozduğun o sevdalı yar mənim. Söz verdim gələcəyəm, gəl də, yolumu kəsmə, O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim. Könlüm alov saçarkən vulkan kimi dərindən, Nə qorxum bir yolsuzun, imansızın birindən. Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən, Tarixlərdən ün almış bir şöhrətim var mənim. Kim keçər dünyaları məst edən o gözəldən? Mən onun öz yarıyam, o mənimdir əzəldən, Yolunda döyüşürəm, vaz keçməm bu əməldən, Ya o mənim olacaq, ya qanlı məzar mənim. * * * O gözələ Xatırlarmısan ki, orda bir zaman Səninlə diləyə erdim, gözəlim... Sən məndən yadigar bir şey istədin, Qoparıb qəlbimi verdim, gözəlim. Məni qəbrə qədər götürsün deyə, Zəhərmi qatmışdın sunduğun meyə? Mən lənət oxudum sənsiz hər şeyə, Mən hər şeydə səni gördüm, gözəlim... Muğan yaylasında, göy Mil düzündə, Axdı qanım damla-damla izində, Gəl vəfa qıl, sən də bir dur sözündə, Mən sözüm üstündə durdum, gözəlim... Kəbəm oldun, mehrabına diz qoydum, Xızrım oldun, dərgahına göz qoydum, Qərib düşdüm, torpağına üz qoydum, Bir sormadın nədir dərdim, gözəlim? Hara getsəm arxamda bir ahım var, Varıb baş qoymağa bir dərgahım var, Əlbət ki, mənim də bir Allahım var, Gün gəlir hürr olur yurdum, gözəlim… * * * Ömrüm xarab oldu hey Kim dedi sana ki, çıxıb yoluma, Gənc yaşımda göndərəsən ölümə, Adını kim qazdı bilməm könlümə, Gəl ki, sənsiz ömrüm xarab oldu hey... Sən getdin, ardınca boynum büküldü, Axdı, axdı göz yaşlarım töküldü, Ellər, dostlar, birər-birər çəkildi, Həmdəmim bir qədəh şərab oldu hey... Doğmuşkən Süleyman taxtına Günəş, Nə bir Müşfiq həmdəm, nə Cavad bir eş. Nədir bu içimdə sönməyən atəş? Könlümdə ümidlər sərab oldu, hey... Mən bezginəm sənsiz hər bir günümdən, Könül asi bəxtə olan kinimdən. Keçdim ugrunda Tanrımdan, dinimdən Basdığın yer mana mehrab oldu, hey!.. * * * Ölməkmi, yaşamaqmı? Bir an susmaq sərin torpaq altında, Qurtulmaq bu ağır, sonsuz zillətdən. Zormu əcəb Əzrayılın pəncəsi, Daüsilla denən bu güc illətdən?.. Kim dayanar bu içilməz ağuya, Tanrım onu verməsin bir yağıya?.. Vərəm olsa, hökmünü tez bildirir, Əcəl gəlir solğun üzü güldürür, İyirmi ildir nə bitər, nə öldürür, Cigərlərdən qopan ah da qalmadı… Üz tutacaq bir dərgah da qalmadı… Sən istəsən yan əriyə-əriyə, Bir gül umsan, bahar dönər geriyə, İllər keçər, yol yetişməz yarıya, Bir sarabmı mənim ümid sandığım, O əməlin inamıyla yandığım?.. Zaman qısır, dadsız ömür bitmiyor, Dəvət üçün ölümə əl getmiyor, Tək bir qurşun, yoxsa namə yetmiyor, Ölməkmi… Ya ümidə bel bağlasam, Yurdum üçün bir az daha ağlasam? * * * Parisə xitab Ey quduz atlasların yaxasında qıvrılan, Alovlu Fransanın damarlarını soran, Mühitlərə qan saçan “mədəniyyət” ocağı, Tarixlərdə ən böyük faciələr qucağı. Sinəndəki tufanlar, fırtınalar, boralar, Bax mənim də qəlbimi zaman-zaman yaralar. O vəhşi göbəyində qanların çağladığı, Köksündə kölələrin inləyib ağladığı, Milyonlarla ac, çılpaq sürünən insanların Yer altında gizlicə boğduğu göz yaşları, “Altun” deyə zövq üçün kəsilən qurbanların Gecələri Senaya fırladılan başları, “Haqqım” – deyə üsyanlar, tətillərlə qaynaşan, “Ölüm” – deyə acıqlı taleyilə oynaşan, Acizlərlə əylənmək, gülmək asan deyildir, Onların dəmir qolu dik başları əyildir. Qorx ki, salonlarında içilən qanlı şərab Mənim yıxdığım çarın içdiyinə dönməsin. Möhtəşəm sarayların dönüb olmasın xarab, Dünyaya kin püskürən tacın yerə enməsin. * * * Potyomkin “POTYOMKİN” (Tarixi poemadan bir parça) Qara dəniz qara gözlər kimi dalğın, qaynaşır, Üzərində əsən çılğın ruzgarlarla oynaşır. Üfüq qara dumanlardan bir çadraya bürünmüş, Göy üzündən axıb gedən o sevdalı, o gümüş Ay suların göy bağrına solğun bir nur səpiyor, Dalğacıqlar oynadıqca, Qara dəniz köpüyor. Bir fırtına müjdəsi var üfüqlərin gözündə, Qasırğalar rəqs etmədə göy dənizin üzündə. “Potyomkin”in polad döşü ağ köpüklər saçaraq, Irəlləyir göy suların bağrında yol açaraq… Irəlləyir… Səslənərkən sular ona qızıyor. Irəlləyir… Dalğaların hücumunu pozuyor, Irəlləyir… Güvənərək içindəki üsyana, Döyüş gərmiş polad döşlər fırtınaya, tufana… Içindəki bəhriyunlar and içərək dərindən, Qoparmışlar o dik başlı leytenantı yerindən, Almış ələ “Potyomkin”in sükanını üsyankar Bəhriyunlar ilk olaraq o yırtıcı, canavar Leytenanta qızğın hücum atəşini açmışlar, Qara dəniz sularında dəli bir kin saçmışlar. O üsyankar “Potyomkin”in ilk açdığı al bayraq, Ilk olaraq “şaha” üsyan tellərini vuran o, Ilk olaraq vəhşiliyə köks gərib duran o, O Qəhrəman “Patyomkin”in çəlik qəlbi döyünür, Qara dəniz onun ölməz qüruruyla öyünür, Almış onu köpük saçan dəli məğrur qoynuna, Salmış onu qasırğalar, fırtınalar oynuna. Buraxdığı qara, qalın dumanlardan yas damlar, Al bayrağı öpən yellər sahilləri salamlar... SƏLİM XAN (Tarixi poemadan parçalar) Çeçenli Ə.P-yə Xəyalımda yer etmiş, İxtiyar dağlarınız Səninlə gəzdiyim o, Bəxtiyar dağlarımız… Giriş O zaman ki, Qafqazın ixtiyar dağlarına Üfüqlərdə ağ başlı qara duman çöküyor, O zaman ki, buludlar şimşəklə öpüşərək, Axıb gedən Arğuna göz yaşını töküyor, O zaman ki, gözünü qırparaq nazlı günəş, Yaslanır yavaş-yavaş qoca dağlar ardına, O zaman ki, qanadın çarparaq hər yetim quş Çəkilir ormanlığa, göy budaqlar ardına, O zaman ki, gülüzlü dilbər çeçen qızları, Dönərlər addım-addım bulaqların başından, Köpüklərlə qaynayan irmaqların başından, Dodaqlarında çınlar odlu çeçen mahnısı. Çeçen mahnısı Aylay-la-yalay-aylay-la-valay Yalay-la-aylay-valay-la-aylay… Dodaqlarında çınlar odlu çeçen mahnısı. O zaman ki, qəhrəman, igid çeçen elləri Doğma yurdun sevimli torpağında süründü, Onda dəmir hasarlı Vedonolun yolları Çar göndərən ağ atlı kazaklarla büründü. O gündə ki o cəllad polkovnikin çəkməsi Dəydi bizim Çeçenin torpağına, daşına. O zamandan Səlim xan doğma yurddan ayrılıb, Dırmandı o vüqarlı, qoca dağlar başına. Onun yumşaq yatağı qara daşdı, torpaqdı, Tük yastığı kötüklər, mavi göylər yorğanı. Acanda çeynədiyi sarı, solğun yarpaqdı, İçdiyi su çöllərin yağmur gözlü dumanı. O zaman ki, dumanlar tökülürdü dağlara, Yüksəlirdi dərədən ac qurdların səsləri. O çiynində tüfəngi çəkilirdi dağlara, Buraxmazdı yaxına ona düşən kəsləri. Çox general, polkovnik düşdü onun izinə, Əmr elədi Səlim xan yuvasında tutulsun, Lakin o ürəyini alaraq öz dişinə Kimsəni buraxmazdı üzərinə atılsın. O zaman ki, talanmış, məxmər donlu obası Zalımların əlindən gizli-gizli yanardı, Onda bizim Səlim xan qaçaqların babası Başı qarlı dağların zirvəsinə qonardı. Aylay-la-valay-Alay-la-valay… Dinlərkən bu mahnını, baxdım, çeçen dağları Qafqasların pozulmaz qüruruna büründü. Mənə nəql edər kimi titrəyən dodaqları, Gözlərimdə Səlim xan yapıncıda göründü. O bəzən Vedonolun yollarında at üstdə Dərələrdən adlayıb, təpələrə dırmanır, Bəzən də qartal kimi sən iki qanad üstdə Şahinlərin qonduğu zirvələrə dayanır. Gecələr gözlərinə uyğu girməmiş derlər, Saatlarca baxırmış kəndi doğma yurduna. Uzaqmış Xoraçoydan onun gəzdiyi yerlər, Verərmiş arxasını qarlı dağlar ardına. Mən görmədim bunları, mənimçin bir ixtiyar Titrək dodaqlarıyla söyləmişdi Çeçendə, Səlim xanı tanıyan, istəyən hər bəxtiyar Sorsun daşa, torpağa Xoraçoydan keçəndə… Bir gün yenə riyakar, uzun dilli bir çeçen Xain dilin uzadıb yaltaqlandı marşala, Dedi: – Yatma bu gücə, dağlardadır, Səlim xan… Yenə bir tor quruldu o çeçenli qartala. Çalındı tunc, baraban ordu döndü dənizə, Zəncir kimi sardılar dörd tərəfi, dörd yanı. Səlim xanın papağı göründü dağ başında Marşal ağzı köpüklü, görüncə Səlim xanı – Dur! – Dedi, – qaçamazsan, qımıldanma, təslim ol. Yox sənə artıq aman, hünərin var, çıx üzə. Səni o öyündüyün, durduğun dik qayadan Bir qartal kimi alıb fırladaram dənizə. Səlim xan gülümsədi: – Haydı, qoçaq marşalım, Al ordunu, çəkil get, can-başın sızlamadan. Sən özün qorx, yatdığın o qara gecələrdə Bax yastığın altına, yoxmu orda Səlim xan. Igid marşal, ormanda çox qurbanlar görmüşəm. Ki, onları yalnız bir qurd balası hürküdür. Çoxunu göz açınca dik alnından vurmuşam, Bu başımda gördüyün igid çeçen börküdür. Axmaq o dəli şahdır ki, səni qoymuş hakim Haqsızca hökm etməyə bu çeçen ellərində. Haydı başla, baxalım, qorxaq kimdir, qoçaq kim? Hünərlisən, sən dayan o durduğun yerində… Çalındı tunc, baraban, hücum əmri verildi. Səs düşdü o dumanlı, qoca, kəskin dağlara, Hər kəs sandı ki, artıq igid qartal vuruldu, Səlim xansa güvənib uca, kəskin dağlara, Nişan aldı marşalın dəli məğrur başını, Vuruş daha tutmadı, sərildi marşal yerə, Ağ atlı kazaklara od düşdü birdən-birə, Onda çeçen dağları çatdı gərgin qaşını, Səlim xan gülümsəyib yapıncıya büründü, Atdı dəmir çiyninə can yoldaşı tüfəngi. Knyazlara od saçan Çeçenistan qaçağı Uca, qarlı dağların dik başında göründü… Xaraçoy Xaraçoy, Xaraçoy, dilbər Xaraçoy, Qaçaq Səlim xanın doğma yuvası. Dağların bağrında atmış göyə boy, İgid çeçenlərin yaşıl obası. Ətrafı dumanlı dağlarla mühat* Üstündə buludlar qanadlı bir at, Duman uçmadadır dik zirvələrə, Bir yanı başları döndərən dərə. Dərənin qəlbində göz yaşı çağlar – Qayalardan sızan sərin bulaqlar. Qafqasın ən gözəl, dilbər görüşü, Bu qoca dağlar ki, ordu yürüşü Kimi düzülmüşdür arxa-arxaya. Uçrumun başında duran hər qaya Məğrur bir görkəmə bürünüb durur, Torpağında qürur, daşında qürur, Baxdıqca insanın qəlbi döyünür. Dünyaya işvələr salan dağlarla Öyünür bu qoca Qafqas, öyünür. Xaraçoyda Səlim nəcib və yoxsul Bir gənc tanılırdı, görənlər deyər, Ömründə verməmiş haqsızlığa yol, Kimsədən mərhəmət ummaz, baş əyməz, Ərlər məclisində özünü öyməz. Atılmış zəhmətə on dörd yaşında, Bir böyük ailə vardı başında. O qoca babası saç-saqqalı ağ, Səlimi özünə sanırdı dayaq. Əlində doxsan beş illik bir əsa, Hər axşam gözlərdi onun yolunu, Tarladan döndüyü bir az gec olsa, Titrək əllərini qaldırıb göyə, İgid nəvəsinə dua oxurdu, Qaşlarını çatıb yola baxırdı. O hər axşam bulaq üstə keçəndə, Gözəl qızlar ona qaş-göz atardı. Özünü sevdirmək üçün Çeçendə Gözəllərdə böylə bir adət vardı. Bir çoxu ürəkdən ona məftundu, Bütün gənclik ona bəlkə mədyundu* Səlim xan, Səlim xan – iyid bir oğul Görmək istməzdi çeçenlini qul. Zövqünü oxşardı hər tütən baca. Anası altımış yaşlı bir qoca, Səlim xanla hər gün çöldə bərabər Gah toxum səpərdi, gah şumlardı yer. Bacısı Fatimə hər gün günorta Əlində duz, çörək, yağ və yumurta, Yalın cığırlardan keçib o taya, Aparırdı onlar üçün tarlaya. Tərli sevinclərlə, şən gülüşlərlə Hamısı birlikdə edərdi nahar. Böyləliklə hər il gəlib keçərdi Dağların qəlbində açan bir bahar… Sürgün Bir gün çardan əmr olundu Ağ atlı bir qazağa, Xəbər verin, Çeçen yurdu Köçürülsün uzağa! Yayılarkən aullara Kin dolusu bu xəbər, Çatıb durdu qaşlarını Hər çeçenli igid ər. Qəlbi qırıq annələrin Doldu yaşlar gözünə, İxtiyarlar baxıb durdu İgidlərin üzünə. Nasıl oldu çar naminə Böylə əmr verildi? Çeçenlərin sürgünlüyü Nədən rəva görüldü? Bir qanunmu doğma yurdu Tərk eləsin çeçenli? Tanrı bizə çoxmu gördü Bu torpağı, bu eli? Biz köçmürük uzaqlara, Məskənimiz bu bizim. Yer vermərik kazaklara, Torpaq bizim, su bizim… Xəbər çatdı polkovnikə Əmrə qarşı çıxmışdan. Bir az keçdi üç atlı Kazak endi yoxuşdan. Bu çeçenli xain zabit, Bayquş kimi uğursuz. Hayqırınca susdu bütün Çoluq, çocuq, gəlin, qız. Qurnaz zabit əlindəki Kəskin əmri oxudu, Annələrin ağ telinə Qara ləçək toxudu. Çarın əmri budur dedi: Haydut çeçen ərləri, Alıb pozğun annələri Tərk etsin bu yerləri! Yetər artıq bu ölkənin Varı, yoxu talandı Yetər artıq çeçenlilər Quldurluqla dolandı! – Bizmi quldur? – Oh, yaramaz! – Səndə çeçen qanı yox! – Bu təhqirə dayanılmaz! – Zülm evinin sonu yox! Bizmi çapdıq bu ölkəni, Yaxud kazaklar, ruslar? Bu böhtana dayanırmı Kazbeklər, Elbruslar? Bütün bir kənd dalğalandı Dəniz kimi daşdılar, Əmr olundu kazaklara Həpsi atəş açdılar. Qopdu qanlı bir fırtına, Ölüm hökmü verildi. Qarşı duran igid gənclər Bir-bir yerə sərildi. Annələrin köksü açıq Qan ləkəsi döşündə, Tutulmuş bir hıçqırığa Ölənlərin başında. İxtiyarlar sinəsində Üç yüz illik odlu dağ. Saçları qanlı, günəşə Etmədəydi əlvida… Axşam çökdü, mavi göylər Pərdə çəkdi üzünə, Bir hıçqırıq qondu axan Pınarların gözünə. “Köç edənlər” yavaş-yavaş, Yol üstünə çıxdılar. Yaşıl, doğma yurdlarına Son baxışla baxdılar. İxtiyarlar düşdü önə, Çoluq-çocuq həp yaya. Qız, gəlinlər dönə-dönə Baxırdılar arxaya… Yol aldılar ənginlərə Bu dağılmış dəstələr. Yollarda can verə-verə, Göz yumurdu xəstələr. Dul qalanlar gözü yaşlı Salamlardı dağları. Andılar həp bayquşlara Buraxılan bağları. Bir ixtiyar çıxıb baxdı Bir təpədən geriyə, Gördü yanır od içində Göy əriyə-əriyə. Son olaraq yanan yurdu, Həsrətlə salamladı, Gözlərindən iki damla Od damcısı damladı. Çarın əmri buymuş – dedi Doğma yurdu burax, get Neron olsa belə artıq, Yaşamaz bu səltənət… Deyə gözdən qeyb olaraq, Toz içində itdilər. Tale üçün üfünləri Dolaşaraq getdilər… * * * Xoraçoy, Xoraçoy, dilbər Xoraçoy, Igid çeçenlərin doğma yuvası, Dağların qoynunda atmış göyə boy, Zəhmət sevənlərin yaşıl obası… Ətrafı dumanlı dağlarla mühat, Üstündə buludlar qanadlı bir at. Duman uçmadadır dik zirvələrə, Bir yanı başları döndərən dərə. Dərənin qoynunda göz yaşı çağlar – Qayadan fışqıran buzlu bulaqlar. Qafqasın ən gözəl, dilbər görüşü, Bu qoca dağlardır ordu yürüşü. Kimi düzülmüşdür arxa-arxaya. Uçurum başında duran hər qaya, Məğrur bir görkəmə bürünüb durur, Torpağında qürur, daşında qürur. Baxdıqca insanın qəlbi döyünür, Çiçəkli dağlarla, qarlı dağlarla Öyünüb bu qoca Qafqas, öyünür. Ağ saç bir ixtiyar nəcib və yoxsul, Ömründə verməmiş haqsızlığa yol, Kimsədən mərhəmət ummaz, baş əyməz, Ərlər məclisində özünü öyməz. Atılmış zəhmətə cavan yaşında, Bir böyük ailə vardı başında. O öz zəhmətiylə xoş dolanırdı Səlimi özünə dayaq sanırdı. Ondan kiçik oğlu Sultan Muraddı, Oğullar oğul yox, alovdu, oddu. Səlimxan, Səlimxan igid bir oğul, Görmək istməzdi çeçenlini qul. O da cocuqluqdan dağlara məftun, Elinə mərhəmət, şəfqət dilərdi. Onu səsləyirdi köpüklü Arğun, Haqsızlığa qarşı susmaz bir ərdi. Görüncə yurdunu odlar içində Qəlbi çıldırırdı, coşurdu qanı, Qalırkən Vedeno yadlar içində Damarrında aşır-daşırdı qanı… O açıq görürdü çeçendə hər gün Yoxsul kəndlilərin talandığını, Duyardı, at üstdə keçəndə hər gün Göylərin başına dolandığını. Bəzən Vedenoya düşəndə yolu, Gözlərindən nifrət odu yağırdı. Talanmış görərkən sağı və solu Həsrətlə dağlara doğru baxırdı. O zaman Vedeno möhkəm bir qala, Orda polkovnik olurdu sakin. Dağlar baş əyirkən o “ağ qartala” Çeçen ölkəsinə salırdı bir kin. Orda həyat vardı: duxan, restoran, Sərxoş zabitlərin əllərində qan, Qan dolu qədəhlər səslənirdilər. Çeçen qanı sorub bəslənirdilər. Orda fahişələr, şansonetkalar… Çalğın duxanlarda qiyamət qopar. Orda orkestro, klub, kazino, Əyləncələr yurdu, sisli Vedeno, Hər gün zövq içində atılardı həp. Orda polkovnikin büsatı vardı. Cənnətə oxşar bir həyatı vardı. Orda kazakların qurduğu məclis, Çar soldatlarının sorduğu məclis. Orda çeçenlərin alınmış haqqı Quldurlar əliylə çalınmış haqqı Orda Nikolayın buyruğu vardı, Kin saçan dəli bir “quyruğu” vardı. Hökmündəydi bütün çeçen yurdları, Yığaraq başına bəyaz qurdları, O “dəli qartalın” vəhşi qurbanı Talayırdı bütün eli, obanı. Orada çeçenlər ağlar dururdu, Dərələr səslənib, dağlar dururdu. Dumanlar acıqlı, yellər acıqlı, Terekdə quduran sellər acıqlı! Dərələr qorxulu, üfüqlər qanlı, Əngində qaş çatan dağlar dumanlı. San bir fırtınaya tutulacaqdı, Ölümlə qovğuya atılacaqdı… * * * "Pravda Vostoko"ya Yadındamı, on il əvvəl doğulduğun zamanlar, O zamanlar sənin səsin böylə şaqraq deyildi. Silindikcə üfüqlərdən qara sislər, dumanlar, Bizə qarşı çıxan düşmən qüvvətinlə əyildi. Əks etdikcə gurlu səsin obalara, yurdlara, Dalğalanan tarlalarda ağ qozalar can aldı. Amansız bir zərbə vurdun “sağ”, “sol” güdən qurdlara Yayıldıqca yarpaqların Şura Şərqi şan aldı. …On il əvvəl oxuduğun mahnı bizim marşımız, Bu marş ilə on yaşını sevinclə etdim tamam. Sən gənc Şərqin günəşisən, işıqları qarşımız Bitirdiyin on yaşına “Zəhmət”imizdən salam. * * * Saraylar yıxılırkən İnqilabi şair Lahutiyə Qasırğalar, boranlar, fırtınalar içində Illərlə dinlədik biz acıqlı harayları, Dəmir atları çapdıq odların qucağına, Biz yıxdıq, biz devirdik o qanlı sarayları. O saraylar ki, orda qanlı peymanələrdə Içildi yoxsulların zəhərli göz yaşları, O saraylar ki, rəngi qızıl qanla boyanmış, Insan kəllələrindən yaranmışdır daşları. Biz vurarkən zərbəni cütbaşlı ağ qartala, Bir təkanla yıxıldı onu bəsləyən yuva. Mən bilirəm, sənin də qəlbində bir arzu var, O yol çəkiən gözlərin uzaq bir yurda dalmış. Ayırmış bir dünyanı ikiyə, bax bu dağlar, Bizdə bahar açılmış, o yeri boran almış. Mən bilirəm qoynunda qaynaşır uzaq ümman, Üsyanların içində keçər günlər və aylar, Mən bilirəm o titrək dodaqlarında Iran, Var onun da qoynunda yıxılmalı saraylar... * * * Sen çağlar Paris kommunasına Mən ömrümdə Parisin görməmişəm üzünü, Enməmişəm o vəhşi, çılğın şantanlarına. Qucmamışa, ac gözlü qəhbələrin dizini, Baxmamışam sarayda vuran fantanlarına. Orda ki, sinəsində südəmər dilsiz çocuq, Ac və çılpaq annələr sokaklara atılar. Orda ki, altun deyə gənc qızlar qıvrılaraq, Bir saatlıq zövq üçün kabaklarda satılar. Orda ki, aşıb-daşan dəli, quduz Sen çağlar, Əks edər qəhqəhəsi hıçqıran gecələrə, Dərdini bölən dilsiz qara daşlar, torpaqlar Cavab verməz sorduğu gizli bilməcələrə. Orda ki, Napaleonlar atəş saçıb durmuşdu, Çevirmişdi dünyanı acizlərin başına, Lüdoviklər hökmünü qan üstündə qurmuşdu, Boyanmışdı zülmdən torpaqlar göz yaşına. O yerdə ki, hala Sen qan içkisiylə yenə, Sularında boğulmuş meyitlərlə oynaşır, Orda “bəşər” naminə, “mədəniyyət” naminə Dünyadakı ən çirkin rəzalətlər qaynaşır. Orda əlli doqquz il bundan əzəl irmaqlar, Coşğun bir inqilabın mahnısını dinlədi, Əsrlər boyu gülməz sarı, solğun dodaqlar Oxurkən o mahnını pək dərindən inlədi. Orda yalnız bir bahar çiçək açdı, yaz oldu, Döndü ancaq bir yazlıq tar gecələr gündüzə. Ağlayanlar gülərkən göz yaşları az oldu, Hər kəs inandı durdu söylənən şirin sözə. İlk olaraq kölələr zəncirləri açaraq, Möhtəşəm sarayların qırdılar qapısını. İlk olaraq Parisin qapısında al bayraq Qurdular leşlər üstdə qurbanlar yapısını. Açıldı bir gün yenə fırtınanın qanadı, Qara qanlı üfüqlər büründü bir çarşafa, Senanın dəli qəlbi yenə coşdu, qanadı Atılarkən bağrına minlərcə qanlı qafa… Həftələrlə Parisin sokaklarında qanlı Öz üsyanın qaldıran çılpaq leşlər uzandı. Onunçun “Gözəl” Paris dillərə düşdü şanlı, Tarixlərdən silinməz iyrənc bir ad qazandı. O zamandan bağrında fırtınalar, boralar, Qudurduqca daşları, torpaqları inləyir, Bu dərd onun qəlbini hər gün bir az yaralar, Dəli, coşğun atlaslar mahnısını dinləyir. * * * Susun Dedi-qodu yayanlara Yürüyürük, yolumuz tikan, çala, dağ, dərə, Qəlbimiz alov aldı bir sönməz ehtirasdan. Yürüyürük, bu yolda qurbanlar verə-verə, Varlığımız kül oldu düşdügümüz bu yasdan… Susun, siz barı susun, gəlsin diləgə dağlar, Titrəsin acılardan zəhər sunan dodaqlar. Vətən atəşdə, qanda, Araz coşar, Kür ağlar, Sizlər utanmadınız o talanmış Qafqasdan * * * Sılaya varacağam Yol ver, çəkil önümdən, ey yolumu kəsən dağ, Gün gəldi, yetər artıq, sılaya varacağım… Al məni qoynuna, ey Doğuya axan irmaq, Mən də axıb o dərdli torpağı saracağım… Yetər artıq, çox oldu qürbət eldə qaldığım, Ayrılıq sitəmiylə qıvrılıb bunaldığım, Çıx, görün gözlərimə, ey qadasın aldığım, Fərhad kimi yolunda dağları yaracağım… Yağı öldü sanmasın aldığım bu yapadan, Min kərə böylə çıxdım fırtınadan, boradan, Gün gələr qaldıraraq bu dağları aradan, Çevrəndəki zənciri yenə mən qıracağam… Kim deyər ki, könüldə xatirən yox, yadın yox, Lənət o şerimə ki, onda sənin adın yox, Sanma ki, könüllərdə qərib bir fəryadın yox, Mən sənə çatmaq üçün səni çağıracağam. * * * Şərqdə Annə, artıq bu gün sən ağlama, gül… Çünki qoynunda oynaşan bülbül Coşaraq incə bir tərənnümlə, Sənə bir bax nə söylüyor, dinlə… Bu gün uğrunda çarpışan, vuruşan Yavrular, qönçələr, gözəl qızlar, Hərə bir yİldırım, yanar vulkan Kimi gurlar, coşar, çaxar, qaynar. Dərələr, dağlar, ölkələr aşıyor, Bir yığın odlu yavrular qoşuyor. Qoşuyor inləyən o fəryada, Qoşuyor həpsi, həpsi imdada. Sis, dumandan silindi, bax yollar, Gəliyor həp dəmir qıran qollar, Bir cəsur qız əlində bir bayraq, Gurlu bir səslə daim hayqıraraq. Söyləyir: “Durma, qaç, çəkil, düşmən…” Bax nasıl titriyor səfil düşmən! Titriyor xırda qorxacaqlar tək, Qaçmaq istər rəzil qaçaqlar tək. Qaçıyor bəlkə, durmadan qaçıyor, Sanki dağlarda bir duman uçuyor. Annə… Annə… yetər baxıb durma, Odlu bir qəlbi gəl yaxıb durma. Yetər artıq vərəmlə əlləşdin, Bitdi hər şey – həp ayrılıq, hicran, Səndə var şimdi elm, haqq, ürfan Nə qədər bax bu gün gözəlləşdin. * * * Şərqi Öt, qumrum, öt, sən ki, məndən bəxtiyar, Heç olmazsa, qonacaq bir yuvan var, Sənin bu yaşıllıq, sənin bu dağlar, Nə bir yurd həsrəti, nə sıla dərdi… Bunları kor fələk həp mənə verdi… Sənin qanadın var, məndə qol qırıq, Səndə gözəl bir səs, məndə hıçqırıq, Sardıqca könlümü məlun ayrılıq Qar düşmüş dağlara bənzəyir başım, Bir bulud olmayır belə yoldaşım. Öt, qumrum, öt, sən ki, məndən bəxtiyar, Qanadın var, hürlüyün var, yuvan var, Uç, mənim yerimə o dağları sar, Səslən o yurda bir nəva şərqisi, Hürriyyət şərqisi, yuva şərqisi… * * * Şikayət Mənim də dərdim var, hakim, dinlə sən, Ömür kitabımı qaralanmış yaz. Keçdi otuz səkkiz ilim heç oldu, Qəlbimi yüz yerdən paralanmış, yaz. Yaz, dostları sağır, dövranı sərxoş, Yaz, könlündə çarpan əməlləri boş, Sorma nerdən gəlmiş, nerdə vurulmuş, Dağdan-dağa çarpmış, yaralanmış, yaz. Burda bahar, qış bir, tikanla bir gül, Uğursuz bayquşdan fərqsizdir bülbül. Bir zaman dağlara hökm edən könül İndi bir əkməgə kiralanmış, yaz. Yaz, hakim! Nə yazsan, məncə, boş qeyri, Qırıq bir qanadın yox mənə xeyri, Yaz! Bir şahin düşmüş Qafından ayrı, Harda doğmuş, indii haralanmış, yaz. * * * Tamara Eşqsiz qalan bir dil kimi göz dikərək ənginə, Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara? Dalıb dilib axşamların yas doğursan rənginə, Aşıb-daşan Dəryal kimi çağlarmısan, Tamara? Yadındamı bir baharda üz-üzə gəldik vəcdə, Sən mənə bir eşq oxudun, etdim bu eşqə səcdə, Səndən başqa almadım mən ilk bahardan bir müjdə, Sən könlümü zəncirləyən bağlarmısan, Tamara? Yadındamı mana sundun göy Borjomun suyunu, Ilk olaraq mən qucmuşdum o yüksələn boyunu, Bir qəhrəman Şamil kimi güdsəm ölüm oyunu, Mana imanlı bir ümid bağlarmısan, Tamara?.. * * * Yarın (Şərq üçün) Xəzan pəncəsində saralan güllər, Şübhəsiz, şənlənib güləcək yarın. Həsrətlə çırpınan xəstə könüllər, Pək dadlı nəşələr sürəcək yarın. Qırılacaq kirli, dəmir qəfəslər, Daha gəlməyəcək o yanıq səslər, Qaranlıqlardakı inləyən kəslər Yaşlı gözlərini siləcək yarın. Şərqə hökm edərkən qabarlı əllər, Qönçələr verəcək soluq əməllər. Bir şənlik görməyən o issız ellər Səadət nə imiş, biləcək yarın. * * * Yarımçıq qalmış şeir O zamanlar çocuq idim, təbiətin qoynunda Tam asudə yaşar idim, tanımazdım istibdad. Fırlanardım daim könlüm sıxılmayan yerlərdə, Adım Almas, qorxu bilməz, şücaətli bir övlad. Xoş sözlərlə atam, anam evdə mənə hər zaman Həpsindən çox nənəm, babam, nəsihətlər edərdi. Damdabaca bir div imiş səkkiz başlı, qocaman, Hər bir kəs ki, dindar olmaz, onu yeyər, – deyərdi. Göy guruldar, şimşək çaxar ifritələr yerində, Ac yalquzaq gözü sanki qaranlıqda göyərmiş. Azanda, div çöldə qalan çocuqları boğazlar, Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş... * * * Yaralı olmasaydı Kim ovçu niyyətiylə gəzərdi bu dağları Sinəsində can alan maralı olmasaydı? Kim şair həsrətiylə süzərdi bu dağları, İçindən qəlbi qırıq, yaralı olmasaydı. Of… Duman çökdü yenə bu könül dağlarına, Kim gətirmiş adımı solğun dodaqlarına? Kim düşərdi həyatın görünməz ahlarına, Bu könül o könüldən aralı olmasaydı? Kim məni saldı bilməm dayanılmaz bu dərdə, Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə? Anam məni doğurub yaşatmasaydı orda, Ya içimdəki bülbül oralı olmasaydı… * * * Yurd həsrəti Mən yurdumu andıqca dərindən, Qəlbim qopuyor sanki yerindən, Yurdum… O ilahi uca Qafqas, Vermiş mənə ilhamı əzəldən. Sundum onun eşqiylə yürəkdən Atəş dolu bir camı əzəldən. Mən ruh alamam başqa gözəldən, Eşqim!.. O ilahi uca Qafqas… Qafqas!.. O yaşıl sinəli dağlar, Hicran duyaraq düşdüyü yasdan, Qaç yüz sənəlik matəmi saxlar, Bir rəmz olaraq Kürdən, Arazdan. Quzğun onu həsrətlə qucaqlar, Dərdiylə coşan dalğalar ağlar… Heyhat… Nə yazıq, bir qanadım yox, Bir anlıq uçub dağları aşsam, Tərlan kimi Göy Göldə dolaşsam… Azğın pusudan bir atılan ох, Qəlbdən vurulub yerlərə düşsəm, Bir ləhzə o torpaqla öpüşsəm… Torpaq, o yaşıl kölgəli torpaq, Qoynunda məzarım da sərinlər. Ruzgarla düşən hər sarı yarpaq, Ruhumda coşan şarqını dinlər… * * * Kitabxana.az · https://kitabxana.az/collections/ildirim-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1952). Public domain (author died 1952). Original text only.