Məqalələr Firidun bəy Köçərli (1863–1920) Azərbaycan dövri mətbuatının qısa icmalı Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm". Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər. Lakin "Əkinçi" öz oxucularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fəaliyyətini dayandırdı. "Əkinçi"dən sonra Tiflisdə bir-birinin ardınca "Ziyayül- Qafqaz" və "Kəşkül" adlı iki Azərbaycan qəzeti nəşr edilməyə başladı. Bu qəzetlərin müəssisləri Ünsizadə qardaşları — Hacı Seyid əfəndi və Cəlal əfəndi idi. Onlar çox bacarıqlı və Şərq dillərini yaxşı bilən adamlar olsalar da, qəzet nəşr etmək kimi çətin və mürəkkəb işi aparmağa hələ qəti hazır deyildilər. Bunun nəticəsində tez bir zamanda "Ziyayül-Qafqaz"ın nəşri dayandırıldı və onun əvəzində Cəlal əfəndinin "Kəşkül"ü çıxmağa başladı. "Kəşkül" də "Ziyayül-Qafqaz" kimi hazırlıqsız adamların əlində idi və o, çox səliqəsiz və müəyyən istiqaməti olmadan nəşr edilirdi. "Kəşkül"də, məsələn, M. F. Axundovun tərcümeyi-halı ilə bir sırada müxtəlif zarafatlar, lətifələr və ağla sığmayan gülməli məlumatlar dərc edilirdi. Bəzən qəzetin bir neçə nömrəsində dalbadal Dağıstan və Çeçen xarabalıqlarından redaksiyaya göndərilən ərəb dilində yazılmış uzun, heç bir ciddi əhəmiyyəti olmayan məqalələr çap olunurdu. Dini-əxlaqi məsələlərin müxtəlif sahələrindən bəhs edən və dil cəhətdən anlaşılmaz olan bu məqalələrin əksəriyyəti, yəqin ki, yalnız onların müəllifləri üçün çap edilirdi. Bu cür hikmətləri anlamağa hazır olmayan oxucuların əksəriyyətinə isə fikir verilmirdi. Öz-özlüyündən məlumdur ki, xalqın ehtiyac və tələblərini inkar edən və zamananın ruhuna cavab verməyən "Kəşkül" kimi mətbuat orqanı geniş yayıla bilməzdi və o, keçən əsrin 90-cı illərinə qədər güç-bəla ilə öz acınacaqlı fəaliyyətini davam etdirərək nəşrini dayandırdı. "Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət nə səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə savad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamıdan çox ehtiyac hiss edirdilər. Beləliklə, əgər "Ziyayül-Qafqaz" ilə "Kəşkül"ü ictimai mətbuat orqanı deyil, müvəffəqiyyətsizliyə uğramış şəxsi ticarət müəssisəsi hesab etsək, onda məlum olur ki, Qafqaz müsəlmanları 25 il ərzində mətbuat vasitəsilə öz ehtiyac və tələblərini müzakirə etmək, məktəb işini yaxşılaşdırmaq və ümumiyyətlə, öz həyatlarını irəli aparmaq imkanından məhrum edilmişlər. Bu müddətdə rus təbəəliyində olan çoxmilyonlu müsəlman əhalisi üçün yalnız Bağçasarayda "Tərcüman" ("Perevodçik") adlı həftəlik bir qəzet nəşr olunmuşdur. Baş senzor və şərqşünas cənab Smirnovun ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə çıxan bu qəzet də Rusiya müsəlmanlarının bütün tələblərinə cavab vermək imkanına malik deyildi. Bundan əlavə, Krım tatarlarının dilində çıxan "Tərcüman", xüsusən, əvvəllər hamı tərəfindən başa düşülmədiyi üçün Zaqafqaziyada geniş yayıla bilmədi. Hazırda "Tərcüman" həftədə üç dəfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan azərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki, "Tərcüman"ın redaktoru cənab Qaspirinskinin xidməti xüsusilə qeyd edilsin. Həyatının ağır şəraitdə keçməsinə baxmayaraq o, 25 il ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji ilə işləmiş və indi də işləməkdədir. 1903-cü ildə bizim möhtərəm publisistimiz Məmmədağa Şahtaxtinski uzun əzab-əziyyətdən sonra Tiflisdə Azərbaycan dilində "Şərqi-Rus" adlı qəzet nəşr etməyə icazə alır. Bu qəzetin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirdi. Hər tərəfdən redaksiyaya təbrik məktubları gəldi. 25 il əvvəl çox səylə "Əkinçi" qəzetinin redaktorunun adına deyilən mənasız və təhqiramiz həcvlər indi gənc "Şərqi-Rus" və onun redaktoru M. Şahtaxtinskinin adına yazılan tərifli himnlərlə əvəz edildi. "Allah bəndəsi" adlı birisi "Şərqi-Rus"un 17-ci nömrəsində ondan əvvəl çıxan Azərbaycan qəzetlərinin ötəri icmalını verib, müsəlmanları yeni qəzeti müdafiə etməyə çağırmışdı. O, azərbaycanlılar arasında nəşriyyat işinin çətinliyini, yeniliyini, nə yaxşı mətbəələrin, nə mürəttiblərin, nə də iş bilən əməkdaşların olmadığını nəzərə alaraq ilk vaxtlar "Şərqi-Rus" oxucularını qəzetə iltifatla baxmağa və əlbir olaraq onu möhkəmlətməyə çağırmışdı. Həqiqətən də, qəzetin işi ilk əvvəllər elə bil yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtəlif yerlərində deyil, bütün imperiyanın Kazan, Orenburq, Ufa, Peterburq, Moskva, Zakaspi vilayəti, Türküstan, Vladivostok və başqa yerlərində də abunəçiləri var idi. Lakin yaxşı nəzəriyyəçi olan cənab Şahtaxtinski təcrübədə özünü doğrulda bilmədi. O, qəzet işində tam təcrübəsiz olduğunu göstərdi. Ən başlıcası isə, cənab Şahtaxtinski xalqının mənəvi inkişafını nəzərə almadığı üçün ciddi səhvə yol verdi və öz qəzeti vasitəsilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı. Düzdür, bütün müsəlmanlar tərəfindən qəbul edilmiş ərəb əlifbası müsəlman dünyasında tərəqqiyə ciddi surətdə maneçilik törədir və əsaslı dəyişiklikliyə ehtiyacı vardır. Lakin bütün məsələ köhnə, əsrlərlə işlənən əlifbanı ləğv edib, onun əvəzinə daha əlverişli və daha mükəmməl əlifba təqdim etməkdədir. Cənab Şahtaxtinskinin əlifbası isə heç bir xüsusi məziyyəti ilə fərqlənmirdi və o, başdan ayağa yöndəmsiz və mürəkkəb hərflərdən ibarət idi. Hamı tərəfindən ən əlverişli hesab edilən ərəb rəqəm işarələri cənab Şahtaxtinskinin əlifbasında sait rolunu oynayırdı. Bu əlifbanın nöqsanları və yaramazlığı barədə mən elə o zaman, 1902-ci ildə Tiflis qəzetlərinin birində çox müfəssəl danışmışam. Cənab Qaspirinski də öz "Tərcüman"ında bu əlifbaya qarşı çıxmışdı. Göründüyü kimi, sonralar cənab Şahtaxtinski özü də əlifbasının tələb olunan vəzifələrə cavab vermədiyini anladı və yavaş-yavaş qəzetindən bu məsələni çıxartdı. Lakin o bu qənaətə çox gec, "Şərqi-Rus" öz əvvəlki nüfuzunu itirdikdən sonra gəldi. Lakin bununla bərabər qəzetin bağlanmasına başqa səbəblər də olmuşdu. Məsələn, bizim fikrimizcə, gənc "Şərqi-Rus"a "Kaspi" qəzetinin o zamankı əməkdaşlarının hücumları və "Tərcüman"ın arasıkəsilməz iradları əsassız idi. Bizə məlum olduğu kimi, bütün bunların nəticəsində, cənab Şahtaxtinskiyə böyük pula, əməyə və mənəvi əzablara oturan "Şərqi-Rus", nəşrinin ikinci ilində öz fəaliyyətini dayandırmağa məcbur oldu. Keçən 1905-ci ilin payızında, təxminən 17 oktyabr manifesti ərəfəsində Bakıda həftəlik "Həyat" qəzeti çıxmağa başladı. Deyəsən, "Həyat" ona qədər nəşr edilmiş Azərbaycan qəzetlərinin hamısından ən mötəbəri idi. Onu müsəlmanların ən yaxşı ədəbi qüvvələri — Əlibəy Hüseynzadə ilə Əhmədbəy Ağayev birlikdə redaktə edirdilər. Qəzetin böyük formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli və dərin məzmunlu məqalələri oxuculara yaxşı təsir bağışlayırdı. Lakin qəzet 3–4 ay çıxdıqdan sonra Əhmədbəy Ağayev ondan ayrıldı və Bakıda öz "İrşad" qəzetini təsis etdi. Əhmədbəyin getməsi ilə "Həyat"da işlər zəifləməyə başladı. Qəzet yavaş-yavaş canlı və maraqlı orqandan darıxdırıcı və qeyri-həyati sxolastik gündəliyə çevrilməyə başladı, ən vacib məsələlərə isə diqqət yetirilmədi…. Qəzet dil cəhətdən də getdikcə yerli azərbaycanlılar üçün çətin və anlaşılmaz oldu. "Həyat"da əməkdaşlıq edən şəxslər öz yazılarında İstambulda təhsil almış qəzetin redaktoru Əlibəy Hüseynzadənin üslubuna səylə təqlid etməyə başladılar. Lakin bu təqlid çox gülünc nəticələr verdi. "Həyat" qəzetinin bağlanmasının səbəbləri haqqında biz öz mülahizələrimizi "Znaniye" qəzetinin 6-cı nömrəsində ayrıca danışmışıq. Hazırda bütün Qafqazda Azərbaycan dilində yalnız bircə "İrşad" qəzeti nəşr edilir və o da maddi cəhətdən çox böyük ehtiyac və kəsir içindədir. Kədərlə bu qəmli faktı qeyd etmək lazımdır ki, hələ xalq kütlələrində qəzet oxumaq ehtiyacı yaranmamış və onlarda ictimai məsələlərə qarşı bir laqeydlik və etinasızlıq hiss olunmaqdadır. Bizim yuxarıda göstərdiyimiz səbəblərdən başqa, bu axırıncı məsələ də, şübhəsiz, "Əkinçi", "Kəşkül", "Şərqi-Rus" və "Həyat" qəzetlərinin bağlanmasına mühüm təsir göstərmişdi. "İrşad" qəzetinin fəaliyyətini davam etdirmək üçün onun redaktoru və naşiri Ağayev lazımi miqdarda abunəçi toplamaq üçün Qafqazı səyahət etmişdir. Bu yolla abunəçi toplamaq, əlbəttə, çox adama qəribə və qeyri-adi şey kimi görünəcək, lakin başqa xalqlardan təhsil və mədəniyyətcə geridə qalmış müsəlmanlar arasında isə çap işinə yardım etmək üçün bu ən düzgün və bəlkə də, yeganə vasitədir. Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr edilən "İrşad" ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır. Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir və onun səhifələrində Rusiya müsəlmanlarının həyatında az-çox əhəmiyyəti olan məsələlər diqqətlə və hərtərəfli müzakirə edilir. Odur ki, bütün vasitələrlə bu qəzetə yardım etmək mədəni müsəlmanların üzərinə düşür. Əgər bu qəzet də işin əvvəlində öz fəaliyyətini dayandırmağa məcbur olsa və qol-budaq atmadan solub məhv olsa, onda çətin ki, bundan sonra bir kimsə Azərbaycan dilində qəzet nəşr etməyə cəsarət edə…. Simaları hələ tam müəyyənləşməmiş gənc Azərbaycan jurnalları — "Dəbistan", "Rəhbər" və "Füyuzat" haqqında rəyi xüsusi məqaləmizdə verəcəyik. * * * Ana dili Otuz il bundan əvvəl Bakıda türk dilinin Azərbaycan ləhcəsində nəşr olunmağa başlayan "Əkinçi" birinci müsəlman qəzeti idi. Bu qəzetin banisi keçmiş müsəlman pedaqoqu və hazırda məşhur ictimai xadim olan Həsənbəy Məlikov idi. Qayğısız və heç şeyin fikrini çəkməyən, "xoş keçmişin" ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq, əlbəttə, "Əkinçi" qəzetinin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən, qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı. Cəmiyyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən müqaviməti göstərdi. Redaktorun işgüzar və məzmunlu məqalələri, istedadlı şair Hacı Seyid Əzim Şirvaninin müsəlmanları fəal və mənalı həyata səsləyən gözəl şerləri ucsuz-bucaqsız səhrada yüksələn fəryadı xatırladırdı, cavabsız qalan bir çağırış idi. Bundan əlavə, cənab Məlikov ehtiyatsızlıq edərək öz qəzetində vaxtsız olaraq dini şəbehlər (şaxsey-vaxsey) məsələsinə toxundu və bununla da şiəlik tərəfdarlarının qızğın hiddətinə səbəb oldu. Hər tərəfdən redaktorun üstünə məzəmmət və biabırçı həcvlər yazılmağa başlandı. Şuşa şairləri həcvlər yazan başqa şairləri bu cəhətdən xeyli geridə qoydular. Hadiyül-Müzəllin adlı birisi Qarabağdan redaksiyaya redaktorun adına biabırçı söyüşlər göndərdi. Cənab Məlikov bir qədər ixtisarla bu həcvi "Əkinçi"də dərc etdirərək ona diqqəti cəlb edən aşağıdakı qeydi verir: "Cənab Hadiyül-Müzəllin Qarabağinin aşağıda zikr olunan həcvini onların xahişinə müvafiq tamam çap elətməyə izn olmadı…. Amma o cənab və onu fitləyən əşxaslar məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim evladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm". Üç il ərzində qəzetdə dərc edilmiş mühüm materiallardan görünür ki, onun əsas məqsədi faydalı kənd təsərrüfatı biliklərini həm nəzəri, həm də əməli cəhətdən ölkənin əhalisi arasında yaymaqdan ibarət olmuşdur. Aqronomiya sahəsində yaxşı mütəxəssis olan və sadə xalqın dilini bilən Həsənbəy Məlikov qəzetin hər nüsxəsində kənd təsərrüfatının müxtəlif sahələrinə dair çox maraqlı və faydalı məqalələr dərc etdirirdi. O, eyni zamanda, elmi məlumatları asan bir şəkildə, sadə və anlaşıqlı bir dildə oxuculara çatdırmaqda yüksək məharət göstərirdi. Bizim fikrimizə görə, bu məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Əgər onlar müəyyən bir sistem halına salınıb, Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, kəndlilərə fayda verə bilər. Lakin "Əkinçi" öz oxucularını bu cür gözəl materiallarla təmin etməsinə və ümumiyyətlə, ayıq və mənalı istiqamətinə baxmayaraq o, uzun müddət davam edə bilmədi və əhatə olunduğu nadan, qaranlıq mühitlə ağır mübarizədə öz fəaliyyətini dayandırdı. "Əkinçi"dən sonra Tiflisdə bir-birinin ardınca "Ziyayül- Qafqaz" və "Kəşkül" adlı iki Azərbaycan qəzeti nəşr edilməyə başladı. Bu qəzetlərin müəssisləri Ünsizadə qardaşları — Hacı Seyid əfəndi və Cəlal əfəndi idi. Onlar çox bacarıqlı və Şərq dillərini yaxşı bilən adamlar olsalar da, qəzet nəşr etmək kimi çətin və mürəkkəb işi aparmağa hələ qəti hazır deyildilər. Bunun nəticəsində tez bir zamanda "Ziyayül-Qafqaz"ın nəşri dayandırıldı və onun əvəzində Cəlal əfəndinin "Kəşkül"ü çıxmağa başladı. "Kəşkül" də "Ziyayül-Qafqaz" kimi hazırlıqsız adamların əlində idi və o, çox səliqəsiz və müəyyən istiqaməti olmadan nəşr edilirdi. "Kəşkül"də, məsələn, M. F. Axundovun tərcümeyi-halı ilə bir sırada müxtəlif zarafatlar, lətifələr və ağla sığmayan gülməli məlumatlar dərc edilirdi. Bəzən qəzetin bir neçə nömrəsində dalbadal Dağıstan və Çeçen xarabalıqlarından redaksiyaya göndərilən ərəb dilində yazılmış uzun, heç bir ciddi əhəmiyyəti olmayan məqalələr çap olunurdu. Dini-əxlaqi məsələlərin müxtəlif sahələrindən bəhs edən və dil cəhətdən anlaşılmaz olan bu məqalələrin əksəriyyəti, yəqin ki, yalnız onların müəllifləri üçün çap edilirdi. Bu cür hikmətləri anlamağa hazır olmayan oxucuların əksəriyyətinə isə fikir verilmirdi. Öz-özlüyündən məlumdur ki, xalqın ehtiyac və tələblərini inkar edən və zamananın ruhuna cavab verməyən "Kəşkül" kimi mətbuat orqanı geniş yayıla bilməzdi və o, keçən əsrin 90-cı illərinə qədər güç-bəla ilə öz acınacaqlı fəaliyyətini davam etdirərək nəşrini dayandırdı. "Kəşkül" qəzeti bağlandıqdan sonra Zaqafqaziya müsəlmanları on-on beş il öz ana dilində mətbuat orqanından məhrum qaldı. Bir neçə şəxsin Azərbaycan dilində qəzet çıxarmaq təşəbbüsü hökumət tərəfindən rədd edildi. Hökumət nə səbəbdən isə azərbaycanlılar arasında maarifin yayılması sahəsində məhsuldar işi ilə tanınan və səsli metod ilə savad təlimi üçün birinci dəfə Azərbaycan dilində dərslik tərtib edən Zaqafqaziya müəllimlər seminariyasının müsəlman şöbəsinin keçmiş inspektoru, əməkdar müəllim Çernyayevskinin də xahişini rədd etmişdi. Lakin Qafqazın başqa xalqlarından geridə qalan və mədəniyyəti zəif inkişaf etmiş azərbaycanlılar yaxşı bir mətbuat orqanına hamıdan çox ehtiyac hiss edirdilər. Beləliklə, əgər "Ziyayül-Qafqaz" ilə "Kəşkül"ü ictimai mətbuat orqanı deyil, müvəffəqiyyətsizliyə uğramış şəxsi ticarət müəssisəsi hesab etsək, onda məlum olur ki, Qafqaz müsəlmanları 25 il ərzində mətbuat vasitəsilə öz ehtiyac və tələblərini müzakirə etmək, məktəb işini yaxşılaşdırmaq və ümumiyyətlə, öz həyatlarını irəli aparmaq imkanından məhrum edilmişlər. Bu müddətdə rus təbəəliyində olan çoxmilyonlu müsəlman əhalisi üçün yalnız Bağçasarayda "Tərcüman" ("Perevodçik") adlı həftəlik bir qəzet nəşr olunmuşdur. Baş senzor və şərqşünas cənab Smirnovun ciddi nəzarəti ilə nəşr edilən və kiçik formatda rus dilinə tərcüməsi ilə birlikdə çıxan bu qəzet də Rusiya müsəlmanlarının bütün tələblərinə cavab vermək imkanına malik deyildi. Bundan əlavə, Krım tatarlarının dilində çıxan "Tərcüman", xüsusən, əvvəllər hamı tərəfindən başa düşülmədiyi üçün Zaqafqaziyada geniş yayıla bilmədi. Hazırda "Tərcüman" həftədə üç dəfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan dilinə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan azərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki, "Tərcüman"ın redaktoru cənab Qaspirinskinin xidməti xüsusilə qeyd edilsin. Həyatının ağır şəraitdə keçməsinə baxmayaraq o, 25 il ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji ilə işləmiş və indi də işləməkdədir. 1903-cü ildə bizim möhtərəm publisistimiz Məmmədağa Şahtaxtinski uzun əzab-əziyyətdən sonra Tiflisdə Azərbaycan dilində "Şərqi-Rus" adlı qəzet nəşr etməyə icazə alır. Bu qəzetin meydana gəlməsi nəinki yalnız Zaqafqaziyadakı azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını sevindirdi. Hər tərəfdən redaksiyaya təbrik məktubları gəldi. 25 il əvvəl çox səylə "Əkinçi" qəzetinin redaktorunun adına deyilən mənasız və təhqiramiz həcvlər indi gənc "Şərqi-Rus" və onun redaktoru M. Şahtaxtinskinin adına yazılan tərifli himnlərlə əvəz edildi. "Allah bəndəsi" adlı birisi "Şərqi-Rus"un 17-ci nömrəsində ondan əvvəl çıxan Azərbaycan qəzetlərinin ötəri icmalını verib, müsəlmanları yeni qəzeti müdafiə etməyə çağırmışdı. O, azərbaycanlılar arasında nəşriyyat işinin çətinliyini, yeniliyini, nə yaxşı mətbəələrin, nə mürəttiblərin, nə də iş bilən əməkdaşların olmadığını nəzərə alaraq ilk vaxtlar "Şərqi-Rus" oxucularını qəzetə iltifatla baxmağa və əlbir olaraq onu möhkəmlətməyə çağırmışdı. Həqiqətən də, qəzetin işi ilk əvvəllər elə bil yaxşı getdi, onun yalnız Zaqafqaziyanın müxtəlif yerlərində deyil, bütün imperiyanın Kazan, Orenburq, Ufa, Peterburq, Moskva, Zakaspi vilayəti, Türküstan, Vladivostok və başqa yerlərində də abunəçiləri var idi. Lakin yaxşı nəzəriyyəçi olan cənab Şahtaxtinski təcrübədə özünü doğrulda bilmədi. O, qəzet işində tam təcrübəsiz olduğunu göstərdi. Ən başlıcası isə, cənab Şahtaxtinski xalqının mənəvi inkişafını nəzərə almadığı üçün ciddi səhvə yol verdi və öz qəzeti vasitəsilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı. Düzdür, bütün müsəlmanlar tərəfindən qəbul edilmiş ərəb əlifbası müsəlman dünyasında tərəqqiyə ciddi surətdə maneçilik törədir və əsaslı dəyişiklikliyə ehtiyacı vardır. Lakin bütün məsələ köhnə, əsrlərlə işlənən əlifbanı ləğv edib, onun əvəzinə daha əlverişli və daha mükəmməl əlifba təqdim etməkdədir. Cənab Şahtaxtinskinin əlifbası isə heç bir xüsusi məziyyəti ilə fərqlənmirdi və o, başdan ayağa yöndəmsiz və mürəkkəb hərflərdən ibarət idi. Hamı tərəfindən ən əlverişli hesab edilən ərəb rəqəm işarələri cənab Şahtaxtinskinin əlifbasında sait rolunu oynayırdı. Bu əlifbanın nöqsanları və yaramazlığı barədə mən elə o zaman, 1902-ci ildə Tiflis qəzetlərinin birində çox müfəssəl danışmışam. Cənab Qaspirinski də öz "Tərcüman"ında bu əlifbaya qarşı çıxmışdı. Göründüyü kimi, sonralar cənab Şahtaxtinski özü də əlifbasının tələb olunan vəzifələrə cavab vermədiyini anladı və yavaş-yavaş qəzetindən bu məsələni çıxartdı. Lakin o bu qənaətə çox gec, "Şərqi-Rus" öz əvvəlki nüfuzunu itirdikdən sonra gəldi. Lakin bununla bərabər qəzetin bağlanmasına başqa səbəblər də olmuşdu. Məsələn, bizim fikrimizcə, gənc "Şərqi-Rus"a "Kaspi" qəzetinin o zamankı əməkdaşlarının hücumları və "Tərcüman"ın arasıkəsilməz iradları əsassız idi. Bizə məlum olduğu kimi, bütün bunların nəticəsində, cənab Şahtaxtinskiyə böyük pula, əməyə və mənəvi əzablara oturan "Şərqi-Rus", nəşrinin ikinci ilində öz fəaliyyətini dayandırmağa məcbur oldu. Keçən 1905-ci ilin payızında, təxminən 17 oktyabr manifesti ərəfəsində Bakıda həftəlik "Həyat" qəzeti çıxmağa başladı. Deyəsən, "Həyat" ona qədər nəşr edilmiş Azərbaycan qəzetlərinin hamısından ən mötəbəri idi. Onu müsəlmanların ən yaxşı ədəbi qüvvələri — Əlibəy Hüseynzadə ilə Əhmədbəy Ağayev birlikdə redaktə edirdilər. Qəzetin böyük formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli və dərin məzmunlu məqalələri oxuculara yaxşı təsir bağışlayırdı. Lakin qəzet 3–4 ay çıxdıqdan sonra Əhmədbəy Ağayev ondan ayrıldı və Bakıda öz "İrşad" qəzetini təsis etdi. Əhmədbəyin getməsi ilə "Həyat"da işlər zəifləməyə başladı. Qəzet yavaş-yavaş canlı və maraqlı orqandan darıxdırıcı və qeyri-həyati sxolastik gündəliyə çevrilməyə başladı, ən vacib məsələlərə isə diqqət yetirilmədi…. Qəzet dil cəhətdən də getdikcə yerli azərbaycanlılar üçün çətin və anlaşılmaz oldu. "Həyat"da əməkdaşlıq edən şəxslər öz yazılarında İstambulda təhsil almış qəzetin redaktoru Əlibəy Hüseynzadənin üslubuna səylə təqlid etməyə başladılar. Lakin bu təqlid çox gülünc nəticələr verdi. "Həyat" qəzetinin bağlanmasının səbəbləri haqqında biz öz mülahizələrimizi "Znaniye" qəzetinin 6-cı nömrəsində ayrıca danışmışıq. Hazırda bütün Qafqazda Azərbaycan dilində yalnız bircə "İrşad" qəzeti nəşr edilir və o da maddi cəhətdən çox böyük ehtiyac və kəsir içindədir. Kədərlə bu qəmli faktı qeyd etmək lazımdır ki, hələ xalq kütlələrində qəzet oxumaq ehtiyacı yaranmamış və onlarda ictimai məsələlərə qarşı bir laqeydlik və etinasızlıq hiss olunmaqdadır. Bizim yuxarıda göstərdiyimiz səbəblərdən başqa, bu axırıncı məsələ də, şübhəsiz, "Əkinçi", "Kəşkül", "Şərqi-Rus" və "Həyat" qəzetlərinin bağlanmasına mühüm təsir göstərmişdi. "İrşad" qəzetinin fəaliyyətini davam etdirmək üçün onun redaktoru və naşiri Ağayev lazımi miqdarda abunəçi toplamaq üçün Qafqazı səyahət etmişdir. Bu yolla abunəçi toplamaq, əlbəttə, çox adama qəribə və qeyri-adi şey kimi görünəcək, lakin başqa xalqlardan təhsil və mədəniyyətcə geridə qalmış müsəlmanlar arasında isə çap işinə yardım etmək üçün bu ən düzgün və bəlkə də, yeganə vasitədir. Yaxşı əməkdaşlar heyəti və Ağayev kimi təcrübəli publisistin rəhbərliyi altında nəşr edilən "İrşad" ən canlı, məzmunlu və gözəl mətbuat orqanıdır. Bu qəzet ictimai həyatın inkişafını açıq gözlə izləyir və onun səhifələrində Rusiya müsəlmanlarının həyatında az-çox əhəmiyyəti olan məsələlər diqqətlə və hərtərəfli müzakirə edilir. Odur ki, bütün vasitələrlə bu qəzetə yardım etmək mədəni müsəlmanların üzərinə düşür. Əgər bu qəzet də işin əvvəlində öz fəaliyyətini dayandırmağa məcbur olsa və qol-budaq atmadan solub məhv olsa, onda çətin ki, bundan sonra bir kimsə Azərbaycan dilində qəzet nəşr etməyə cəsarət edə…. Simaları hələ tam müəyyənləşməmiş gənc Azərbaycan jurnalları — "Dəbistan", "Rəhbər" və "Füyuzat" haqqında rəyi xüsusi məqaləmizdə verəcəyik. * * * Azərbaycan komediyaları Mirzə Fətəli Axundovun komediyaları Zaqafqaziya müsəlmanlarının 40 və 50-ci illərdəki həyatını əks etdirən bir reflektora bənzəyir. İstedadlı bir dramaturq olan və xalqı yaxşı tanıyan Axundov xalq məişətinin müxtəlif tərəflərini kifayət qədər düzgün və sənətkarlıqla əks etdirmişdir. Hər əsərində, bütün komediyalarında Axundov xalqın həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkardır, onun yaradıcılıq istedadı, həyat təcrübəsi və hərtərəfli biliklə zəngin zəkası özünü hər yerdə göstərir. Biz bunu fransız nəbatat aliminin sadəlövh və qonaqpərvər Təklə-Muğanlı Hatəmxan ağa ilə ağıllı söhbətinin təsvirində görürük: Hatəmxan ağa öz qardaşı oğlunu inandırmağa çalışır ki, parislilərin adətləri ilə çox asanlıqla tanış olub başa düşmək olar ki, o xalqın adətləri tamamilə bizim adətlərin əksinədir (məsələn, biz əlimizə həna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq, onlar saçlarını uzadırlar, biz əlimiz ilə xörək yeyirik, onlar çəngəl ilə yeyirlər, biz hər şeyə inanırıq, onlar heç bir şeyə inanmırlar, bizim arvadlarımız gödək paltar geyir, onların arvadları isə uzun paltar geyir, bizdə çox arvad almaq dəbdədir, Parisdə çox ər almaq və i.a.); yaxud biz bunu bir-birini sevən iki gəncin — gözəl Pərzadla cavan və igid Bayramın arasındakı təsirli məhəbbət səhnəsinin təsvirində də görürük: Pərzadın tamahkar əmisi qızın ilxısını və inəklərini ələ keçirmək xatirinə Pərzadı öz oğlu Tarverdiyə almaq istəyir, halbuki Tarverdi igidlikdə hələ heç bir ad çıxarmamışdır, o hələ bir dayça da oğurlamamışdır; yaxud, biz bunu rəhmsiz qoca — xəsis Hacı Qaranın mənəvi aləmindəki nifrət oyadan cəhətlərin açılmasında da görürük: bu qoca xəsis üçün dünyada puldan başqa heç bir müqəddəs şey yoxdur; Hacı Qara, öz dostu Heydər bəyin qoçaqlığını tərifləyən Əsgər bəyə etinasızlıqla deyir ki, bizim zəmanəmizdə qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dəfə yaxşıdır. Onun hər hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elə gəlir ki, uzun müddət yaxından tanıdığın adamların arasında olmusan və həmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinə yağdırdığı söyüşlər, özü mal satanda qurana and içib parçasını təriflərkən dediyi sözlər, yaxud Zalxa arvadın ağıllı muhakimələri uzun müddət adamın qulağında səslənir. Zalxa arvad Divanbəyiyə deyir ki, Tarverdi biçarənin heç bir təqsiri yoxdur, o nə eləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyə deyən gərək ki, bacarırsan ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlar və i.a. Mərhum Axundov şərq dillərinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azərbaycan türklərinin ləhcəsində, canlı, oynaq və cilalanmış bir dildə yazmışdır. Bu canlılıq və sadəlik sayəsində onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar həmin komediyalar böyük bir maraqla oxunurdu. Biz hələ bu komediyalardan hər birinin həvəskarlar tərəfindən dəfələrlə səhnədə tamaşaya qoyulduğunu demirik. Axundovun komediyaları bir zamanlar çox böyük maraq oyatsa da, xeyli vaxtdır ki, Azərbaycan ədəbiyyatında nə komediya, nə də başqa bir qiymətli bədii əsər meydana çıxırdı. Mən bizim bu günə qədər hələ də İran ədəbiyyatının təsiri altında gah gülün bülbülə məhəbbətini, gah "ay üzlü", "sərv boylu", "tuti kimi şirin sözlü" "gözəlləri" dəbdəbəli bir dillə tərənnüm edən əldəqayırma şairlərin erotik şerlərini demirəm. Onların yazdığı şerlər süni və yeknəsəq forma və məzmunu ilə hamının zəhləsini tökmüşdür, müasir oxucuların tələblərini ödəmir. Yalnız indi, yəni Axundovun komediyalarının meydana çıxdığı vaxtdan otuz il keçəndən sonra, mədəni müsəlmanların ciddi əsərlərə, xüsusilə, dramatik əsərlərə bir qədər meyl və həvəs göstərdikləri nəzərə çarpır. Ədəbi əsərlərin bu axırıncı növünün nümayəndələri kimi biz Haşımbəy və Nəcəfbəy Vəzirovları, N. Nərimanovu və V. Mədədovu (erməni) göstərə bilərik. Haşımbəy Vəzirovun "Evlənmək su içmək deyil" komediyası haqqında mən vaxtilə tatar qəzeti "Tərcüman"da yazmışdım. Onun bu komediyası Axundovun "Məstəli şah" əsərinin təsiri altında yazılmışdır və müəllif komediyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundovun əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya yaxşı işlənmişdir, canlı dillə yazılmışdır; onda həqiqi məişət səhnələri və təbii yumor çoxdur. …. Hər cəhətdən görünür ki, müəllif evlənmək və kəbin mərasimi ilə yaxşı tanışdır. Məlumdur ki, gəlin seçmək, elçi getmək, bəxşiş aparmaq və başqa bu kimi toy işləri müsəlmanlarda bütünlüklə arvadların əlindədir, onlar, o qədər də asan olmayan bu vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Haşımbəy təsvir etdiyi Behbud bəyin xalasının simasında elçilik edən araçı arvadlardan birinin səciyyəsini yaxşı vermişdir. Ümumiyyətlə, Haşımbəy qadın tiplərinin təsvirində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə solğun və inandırıcı çıxmır. * * * Nəcəfbəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər" komediyası ilə Haşımbəyin komediyası arasında ümumi cəhətlər çoxdur. Bunu isə müəyyən dərəcədə onunla izah etmək olar ki, hər iki əsərdə qələmə alınmış hadisələr bizim gündəlik həyatımızda tez-tez təkrar olunur, bu hadisələr hər iki müəllifin diqqətini eyni dərəcədə cəlb etmişdir. Hiyləgər və öz mənafeyini güdən ruhanilərin xalqa zərərli və pozucu təsiri hər iki komediyada qələmə alınmış əsas məsələdir. Lakin çox ola bilər ki, (bu ehtimal daha ağlabatandır) bu iki əsər arasındakı oxşayış müəlliflərin ikisinin də Axundovun "Məstəli şah" komediyasına təqlid etmələri üzündən meydana gəlmişdir. Mən burada Vəzirovların hansı tipləri Axundovun əsərlərindən bütünlüklə götürdüklərini bəzi təfərrüatı ilə də göstərə bilərdim. Lakin bu məsələ məni öz əsas məqsədimdən, yəni oxucuları yeni Azərbaycan pyeslərinin məzmunu ilə tanış etmək vəzifəmdən uzaqlaşdırardı. * * * …. Üçüncü komediya — "Nadanlıq" bu yaxınlarda ədəbiyyat aləminə gəlmiş gənc müəllif Nərimanbəy Nərimanovun əsəridir. Bu pyes qarışıq növdən olan bir dram əsəridir. Hadisələrin düyümü pis düşünülmüş, onların açılması isə qeyri-təbii bir faciə ilə qurtarır. Əsərin heç də yeni olmayan ideyası — nadanlıq üzündən insanların necə kobudlaşdığını və rəhmsiz olduğunu göstərməkdən ibarətdir. Müəllif bədbəxt kəndlilərin şəxsində nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boyalarını əsirgəməmişdir. Lakin əsəri hər cəhətdən düşünüb mülahizə edəndə görürsən ki, müəllif kəndlilərin məişəti və adətləri ilə qətiyyən tanış deyildir; Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr — boş fantaziya məhsulundan başqa bir şey deyildir. Hətta mərhum Axundovun qırx il bundan əvvəlki müsəlman həyatının həqiqi mənzərəsini verən komediyalarında, — yəni o zaman ki, igidlik, rəhmsizlik və quldurluq dəbdə idi, bir-birinə vəhşicəsinə hücum etmək və soyğunçuluq adi bir peşə sayılırdı və varlı bəylər, xanlar tərəfindən təbliğ olunurdu, — hətta belə bir "quldur qəhrəmanlığı" dövrünün canlı lövhələrini verən komediyalarda da cənab Nərimanovun göstərdiyi qədər rəhmsiz və yırtıcı vəhşi surətlərə rast gəlmirik. Halbuki biz nisbətən əmin-amanlıq yaradılmış bir dövrdə yaşayırıq. Dörd pərdəli "Nadanlıq" komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-biri ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi də xeyli çətinləşdirir. Mən burada "Nadanlıq" əsərinin iki əsas qəhrəmanının — gənc müsəlman ziyalıları Məhəmməd ağa ilə Ömərin qüsurlarını qeyd etməklə kifayətlənəcəyəm. Kənd müəllimi Məhəmməd ağa iki aydan artıqdır ki, təyin olunduğu yerə gəlibdir. Lakin bu vaxta qədər onun ancaq iki şagirdi vardır. Kəndlilər öz uşaqlarını dərs oxumağa vermirlər. Bu vəziyyət müəllimi kədərləndirir və narahat edir. Kəndin ağsaqqal adamları yüzbaşının vasitəsilə onun yanına gəlir və rus dilində təhsilə meyl göstərməmələrinin səbəbini cürbəcür izah edirlər. Varlı və nüfuzlu Hacı Abdulla ona deyir: "Ay Məhəmməd ağa, boş yerə başını niyə ağrıdırsan? Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünə görə bir dərdi var. Birinin uşağı qaramal otarır, o birisininki qoyuna gedir, biri yer əkir; uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır". Müəllim məktəbin böyük əhəmiyyətini kəndlilərə başa salmaq, yəni dərs oxumağın faydasını və rus dilini bilməyin vacib olduğunu sadə misallarla sübut etmək əvəzinə başlayır təbabət haqqında, vaxtından əvvəl evlənmək məsələsi barədə, Amerikada əkinçilərin yer şumlayanda qəzet oxumaları və ümumiyyətlə, siyasəti izləmələri haqqında səmərəsiz mühakimələr yürütməyə. Əlbəttə, kəndlilər qəzet oxuyan Amerika əkinçilərini, təbabətin əhəmiyyətini təsəvvür edə bilmədiklərindən müəllimin dediklərini başa düşmürlər və bu sadə, avam adamlar onu məsxərəyə qoyub gülürlər. Sonra təklikdə müəllim öz-özünə fikrə gedir və deyir ki, mən bunlar kimi avam adam görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor eləyibdir ki, namümkündür söz və nəsihətlə bunlara bir şey qandırasan. Düşdükləri bu acınacaqlı vəziyyətdən onları işıqlı günə çıxarasan. Lakin iş burasındadır ki, müəllifin həddindən çox xoşa gəlməz şəkildə təqdim etdiyi bu adamlar o qədər də ümidsiz bir vəziyyətə düşməyiblər ki, onları xilas etmək mümkün olmasın. Əgər müəllim az danışıb, çox iş görsəydi, əgər boş yerə ah çəkib kədərlənmək əvəzinə öz vəzifəsini yerinə yetirmək üçün az-çox təşəbbüs göstərsəydi, faydalı bilikləri avam kəndlilər arasında yaymağa çalışsaydı, şübhə yoxdur ki, o, müəyyən dərəcədə öz məqsədinə nail olardı və bu qədər də mənəvi əzab çəkməzdi. Cənab Nərimanov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt, fəaliyyətsiz və yazıq çıxmışdır. Onun əsərindəki o biri ziyalı tipi olan Ömər də pis təsvir edilmiş və müəllif burada da müvəffəq olmamışdır. Yuxarıda adını çəkdiyimiz Hacı Abdullanın oğlu olan Ömər yaxşı təhsil aldıqdan sonra öz avam həmyerlilərini maarifləndirmək məqsədilə kəndə qayıtmışdır. Lakin nə üçündürsə Ömərin fəaliyyət dairəsi quldurluq və soyğunçuluqla məşğul olan həmkəndlilərini və öz qohumlarını müdafiə etmək üçün hələlik yalnız məhkəmələrə və hökumət idarələrinə gedib-gəlməklə məhdudlaşmışdır. Uzun bir müddət ayrılıqdan sonra Ömər öz dostu müəllimin yanına gəldikdə isə üzr istəyib deyir ki, başı qarışıq və işi çox olduğu üçün vaxt tapıb onun yanına gələ bilməmişdir. Bununla birlikdə söhbət zamanı o deyir ki, kiçik qardaşı Vəli bir ay bundan əvvəl bir neçə nəfərlə gedib poçt yolunda karvan soyublar. Bunun üstündə naçalnik Vəlini həbsə almışdır. Mən möhlət alıb onu həbsdən qurtarmışam. İndi də çalışıram ki, təmiz qurtarsın. Naçalnik də mənə söz veribdir. Başa düşmək olmur ki, nə üçün bu gənc ziyalı öz qüvvəsini və biliyini qətiyyən mərhəmətə və bağışlanmağa layiq olmayan adamların müdafiəsinə sərf edir, yəni ziyalı bir adam olan Ömər doğrudandamı başa düşmür ki, çirkin cinayətlərlə məşğul olan quldurları müdafiə etməklə o, pis əməlləri müdafiə etmiş olur? Cəmiyyətdə mövcud olan qüsurları daha da genişləndirir? Müəllif bu tipi təsvir edərkən hansı məqsədi əldə rəhbər tutmuşdur və nə üçün o, Öməri diqqətə və təqlidə layiq alicənab bir qəhrəman vəziyyətində göstərməyə cəhd edir? Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu da aydın deyildir ki, Ömərin kömək etdiyi həmkəndlilər və onun öz qohumları nə üçün ona şübhə və təkəbbürlə yanaşırlar? Atası Hacı Abdulla onun haqqında danışanda deyir ki, Ömər sərsəm adamdır. Onun sərsəmləməsinin səbəbi isə şəxsiyyətin hüquqları və müstəqilliyi barədə öyrəndiyi sarsaq və vəhşi fikirlərdir, həm də onun oğlunun belə bədbəxt olmağının təqsiri rus dilində təhsil almağıdır ki, buna da o, az pul sərf etməmişdir. Cənab Nərimanov çox çalışır ki, Hacı Abdulla öz oğlunu yeni ruhda böyütməsindən peşman olsun və oğlunun təhsil almağını böyük bir sarsaqlıq hesab etsin. O səbəbə ki, təhsil alanların hamısı axmaq adamlardır. Hacı Abdulla öz kiçik oğlu Vəlidən isə çox razıdır. Vəli barəsində dili ağzına sığmır. Çünki Vəli igid bir soyğunçu kimi ad qazanmışdır; Vəli rəhmsizcəsinə adamları soyub öldürür, öz vəhşi ehtirasını doyuzdurmaq üçün qan tökür, bütün bunlar isə Vəlinin atasına böyük ləzzət verir. Lakin ən kədərli cəhət budur ki, bu quldur Vəli hər dəfə çətinliyə düşəndə onu qurtaran insanpərvər ziyalı Ömərdir və axırda da həmin Vəli Öməri öldürür. Əsərin belə bir faciə ilə qurtarması həddindən çox qeyri-təbiidir. Bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri göstərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə bir laqeydliyin səbəbi isə məncə çox sadədir: Ömərə, onun hərəkətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xeyirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu insan, caniləri, özünün ən yaxın qohumları olan yaramazları müdafiə etsin. Həmçinin mənəvi inkişafın nə qədər aşağı pilləsində olur-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düşməncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin tipləri eybəcər və qeyri-təbiidir. Cənab Nərimanov öz komediyasında kəndlilərin həyatının digər qaranlıq tərəflərini də arabir göstərərkən çoxları üçün ümumi olan bir zəiflikdən yaxasını qurtara bilməmiş və mollanı da çəkib səhnəyə gətirmişdir. Mənim yuxarıda adlarını çəkdiyim iki komediyada molla surəti görkəmli yerlərdən birini tutur. Həm də bu surət dolğun və təbii verilmişdir. Bu komediyalarda, xüsusilə, Axundovun komediyasında molla ağıllı, öz yerini və vəziyyətini yaxşı başa düşən adamdır. Ona həqiqətin və nə isə əsrarəngiz bir qüvvənin təcəssümü kimi baxan avam və sadəlövh adamların arasında molla özünü əla aparır. Bu adamlar mollanın hər sözünü müqəddəs sayır, onun qarşısında sükut edirlər. Nərimanovun əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və axmaq verilmişdir. "Nadanlıq" əsərindəki böyük, hətta az savadlı oxucuların da nəzərinə çarpan bir qüsuru da qeyd etməyə bilmərəm. Bu qüsur komediyadakı işlənməmiş, necə deyərlər, yonulmamış dildir. Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur. Elə bil ki, bu ana dilində yazılmış orijinal bir əsər deyil, rus dilindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə mühakimə yürüdüb (bu ən çox kiçik müqəddimədə özünü göstərir) ərəb-fars sözlərini yerli-yersiz işlədəndə onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür. Lakin "Nadanlıq" hələ təcrübəsiz və ədəbi üsullarla az tanış olan gənc bir müəllifin ilk əsəridir. Buna görə də onun qüsurlarına güzəştlə yanaşmaq və müəllifə müvəffəqiyyət arzu etmək olar. Ən başlıcası isə budur ki, müəllif gərək öz gələcək əsərlərinə daha ciddi və diqqətli yanaşsın. * * * Cənab Vasaq Mədədovun bu yaxınlarda çapdan çıxmış komediyası da bir növ yeni və orijinal əsərdir. Oxucu kütləsi bu müəllifi üç dildə — rus, erməni və Azərbaycan dillərində yazılmış və çox canlı bir komediya olan "Qırt-qırt" əsəri ilə tanıyır. "Qırt-qırt"da olduğu kimi, "Tamahkarlıq düşmən qazanır" adlandırılmış bu yeni komediyasında da müəllifin təsvir etdiyi tiplərə, həyat hadisələrinə obyektiv münasibəti onun nailiyyəti hesab edilə bilər…. * * * Dünyada bəla nədən törəyir? Qraf L. Tolstoyun təlimi-ətfal üçün tərtib etdiyi əlifba kitabçasında sadə dil ilə yazılmış bir xeyli pürməzmun hekayələr vardır. Onlardan bəzi şeyx Sədinin "Gülüstan"ında nağıl olunan hekayələrə bənzəyir. Cümləsi hikmət və təcrübə üzüylə yazılmış əsərlərdir. Məzkur hekayələrdən birisində bəlanın yer üzündə nədən törəyib nəşət etməsindən rəvayət olunur. Qissənin müxtəsərən məzmunu budur: Bir abidi-xoşsirət tərki-dünya qılıb, vaxtını adamlardan kənar bir meşədə ibadətlə keçirirmiş. Meşənin heyvanları ondan qorxmayıb, başına cəm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış. Bir kərə abid bir ağacın dibində uzanıbmış. Qəzadan haman ağacın altında axşamlamağa qarğa, göyərçin, ilan və maral cəm olur və öz aralarında başlayırlar söhbət etməyə ki, aya, yer üzündə bəla və günah haradan törəyir? Qarğa bəla və fəsadın törənməsini aclıqdan, göyərçin məhəbbətdən, ilan qəzəb və şərarətdən, maral qorxu və vahimədən görüb, hər birisi öz qövl və rəylərinin haqq və savab olmağına dəlil və dəlail gətirirlər. Abid bunların güftgularını eşidib deyir: Dünyada bəlanın zühura gəlməyinə səbəb bədəndir. Qəzəb və aclığın da, məhəbbətin də və qorxunun da mənbəyi və törənəcək yeri bədəndir. Bədən olmasa nə aclıq olar, nə məhəbbət olar, nə də qorxu. Bu hekayədə L. Tolstoyun maralın dilindən söylədiyi sözləri oxuyanda bizim biçarə müsəlmanların halı yadıma düşdü. Maral deyir: "Əgər ürəkdə qorxu olmasa hər şey yaxşı olar, hər iş öz yolu və qaydası ilə gedər. Hərgah böyük yırtıcı heyvanlardan bizim üzərimizə hücum edəni olsa, bacararıq qaçıb ondan xilas olaq, çünki allah bizə tez qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizə zərər yetirə bilməz. Onların dəfi üçün allah bizə buynuzlar mərhəmət edibdir. Amma nə eyləmək ki, canımız doludur qorxu ilə və bu qorxu bizə macal vermir ki, allah verdiyi alat və əsbəb ilə dəfi-məzərrət edək və nəfsimizi xof-xətərdən qurtaraq. Balaca bir səs eşidəndə bütün bədənimizə lərzə düşür, yarpaq kimi tir-tir əsirik, ürəyimiz döyünüb az qalır yerindən çıxsın, qəribə bir hala düşürük". Hərgah maral bilsə ki, bu səs və şıqqıltı yel əsib kolu tərpətməkdən, yarpaqları biri-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o qorxmaz və qorxudan özünü dağa-daşa çırpmaz, əbəs yerə canını fövtə verməz. Həmçinin hərgah bizim müsəlmanlar qorxub vahimə etdikləri şeylərin əsil və künhünü bilsələr, bilaşübhə onlardan qorxmazlar və bu qədər bəlalara və fəlakətlərə düçar olmazlar. Bunca əskiklik və ürək sıxıntısı çəkməzlər. Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır! Bu elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sirişt edibdir. Cəhl və nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə, xar və zəlil edibdir. Avamlığımızın ucundan vətənimizdə özümüzü qəriblər, evimizdə yadlar kimi saxlayırıq. Əcnəbi tayfalardan və xarici millət və qövmlərdən bizim içimizdə olanları elm və mərifətləri sayəsində bizdən cürətli, rəşid, dilavər və zirək olurlar. Öz mülkümüzdə, öz yerimizdə və öz məskənimizdə bizə ağalıq edirlər, bizim mal və dövlətimizə sahiblik edirlər. İngilis, firəng, alman və yəhudi və qeyriləri haraya getsələr, hansı məkan düşsə oranı özlərinə mütəəlliq yer hesab edib heç bir şeydən çəkinmirlər, heç kəsdən xof və ehtiyat etmirlər. Elm və bilik bir yandan, ev və məktəb tərbiyəsi başqa bir yandan onları cürətli, zirək, hünərli və hətta bir az həyasız və insafsız eləyir desək, səhv etmiş olmarıq. Beş-on sənə bundan irəli "Kaspi" qəzetəsində qəribə bir əhval yazılmışdı. Bakı ilə Sabunçunun arasında işləyən poyezdlərin birisində bir kupedə üç nəfər şəxs Bakıyamı, Sabunçuyamı — dürüst xatirimdə deyil, — gedirlərmiş. Bunlardan birisi Qafqaz adamı və iki nəfəri: biri arvad və biri kişi, Avropa adamları imiş. Əsnayi-rahdə qafqazlı papiros qutusundan papiros çıxarıb istəyibdir çəksin, amma avropalı mane olub, xanımın hüzurunda papiros çəkmək ədəbsiz bir fel olduğunu ona işarə edibdir! Qafqazlı qızarmış, üzrxahlıq edib, çıxıb papirosu çöldə çəkib, sonra kupeyə daxil olanda görübdür ki, haman şəxs özü siğar çəkir. Bunu gördükdə təəccübanə ondan soruşubdur ki, siz mənim papiros çəkməyimə mane olub, özünüz nə haqq ilə xanımın hüzurunda siğar çəkirsiniz? Avropalı həqarətlə ona bir nəzər yetirib cavabında deyibdir: "Mənimlə sən bərabərmi oldun? Mən nəcib ingilis, sən dəni yerli". Bu cavabdan qafqazlı mütəğəyyiri-hal olub, "nəcib" ingilisə bir sillə vurmuşdu. Bu qəribə işin sonradan suda düşməyi qəzetədə mənim yəqinimdir ki, nəcib ingilisə sillə vuran yerli hər millətdən imişsə də müsəlman deyilmiş. Çünki bizlərdə o cürət və təəssüb yoxdur ki, haqqımızda icra olunan nifrət və etinasızlığa, zülm və təəddiyə mərdanə cavab verib, onları özümüzdən dəf edək, hüquq və ixtiyarımızı gözləyək, şən və izzətimizi, hörmət və ləyaqətimizi mühafizət qılaq. Zülm və sitəmə, hər qisim ədalətsizliyə bizim kimi səbredici, tabgətirici, qəzasına razıolucu başqa bir tayfa tapılmaz. Müsəlman mərkəzlərində olan hansı bir uyezd naçalnikinin dəftərxanasına təşrif aparsanız, orada müsəlmanları, xüsusən, qara rəiyyət camaatını ziyanlıq mal kimi zar və zəbun bir halda görərsiniz. Bədəsturi-sud məhkəmələrin səhnində, silistçilərin qapısında, pristavların həyətində müsəlmanlar qoyun sürüsü kimi döşəniblər. Bunlardan çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. Birisinin cürəti yoxdur ki, divan əmələsindən öz təqsirini xəbər alsın, nə işin xatirəsi üçün dəvət olunmasını bilsin. Hamı üstündə ağalıq edir, hamıdan qorxub ehtiyat eləyir. Allah ona ağıl da verib, baş da veribdir. Amma nə eyləmək, maralın canına çökən qorxu onun da canına çökübdür. Şəhərlərdə dəxi müsəlmanların qorxaqlığı və kəmcürətliyi hər qədəmdə və hər məqamda müşahidə olunmaqdadır. Poçtxanalarda, teleqrafxanalarda, banklarda, xəzinələrdə, məhkəmələrdə, apteklərdə müsəlmanları cümlədən geridə məyus durub növbət gözləyən görərsiniz…. Gözəl vaxtın boş və hədər getməyinə heyfləri gəlmir. Əzbəs ki, vaxt onlara artıq lazım olası bir şey deyil. Onsuz da bilmirlər vaxtlarını nəyə sərf etsinlər. Heç olmasa burada gəlib gedənə tamaşa edirlər. Dəmir yollarda dəxi yazıq müsəlmanların başına konduktorlar gətirdiyi bəlanı allah heç kəsin başına gətirməsin. Bu fəlakətlərin tamamisinə səbəb haman maralın canına sirişt edən qorxudur ki, biz müsəlmanların bədəninə də analarımızın südü ilə giribdir. Söz yoxdur ki, hər şeydən qorxan, həmişə qorxu altında ömrlərini çürüdən, dilsiz-ağızsız, fəqir və yazıq anaların südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir. "Maya budlu arvad gərəkdir ki, onlardan da mərbudlu oğlan doğsun". Hünərli, elmli və bacarıqlı və xüsusən, hürriyyət kəsb etmiş analar gərəkdir ki, onlar da hünərli, tərbiyəli, cürətli və bacarıqlı nəsl yetirsinlər. * * * Dost və müəllim N.O.Lomourinin xatirəsi Hansısa uğursuz bir tale bədbəxt Gürcüstanı təqib edir. Onun gözəl və cavan qüvvələri, öz müqəddəs torpaqlarından uzaqlarda, geniş Rusiyanın sərhədlərində vətən uğrunda canlarını qurban verdikləri bir zamanda, o burada, öz evində də taleyin ağır zərbələrinin acısını duyur. Elm, mədəniyyət və ədəbiyyat nümayəndələri bir-birinin ardınca əbədi olaraq dünyanı tərk edirlər. İndi də Qori şəhərindəki Müəllimlər seminariyasının müəllimi, gürcü yazıçısı və pedaqoqu N. O. Lomourinin ölümü haqqında kədərli bir xəbər alınmışdır. Hələ bir az bundan əvvəl yerli gürcü şairi Akaki Seretelinin cənazəsini Qoriyə yola salarkən Nikolay Osifoviç gözləri yaşarmış halda aşağıdakı sözləri dedi: "Şvidobit[1], şvidobit, əziz və unudulmaz dost! Tezliklə başqa, gözəl bir dünyada görüşərik…". [1] Şvidobit — əlvida. Onun peyğəmbəranə dediyi sözlər düz çıxdı. O öz dost və müəlliminin ayrılığına uzun müddət dözə bilmədi və ardınca ora, gedər-gəlməzlər dünyasına getdi. Nikolay Osifoviç Xarkovda Ruhanilər akademiyasını qurtardıqdan sonra Tiflis dvoryan gimnaziyasında işləməyə başladı, lakin orada o uzun müddət xidmət etmədi. 1884-cü ildə o, Zaqafqaziya müəllimlər seminariyasında gürcü dili müəllimi vəzifəsinə təyin olundu və ömrünün sonuna kimi bu vəzifədə işlədi. N. O. Lomouri gürcü dilinin gözəl bilicisi və belletrist sayılırdı. O öz povest və romanları ilə gürcü ədəbiyyatını bəzəyib zənginləşdirmişdir. Heç kəs gürcü qadınlarının kədərli taleyini, kəndli təbəqələrinin qəm və əzablarını N. O. Lomouri kimi sənətkarlıqla təsvir etmir. Nikolay Osifoviç bir tərbiyəçi və ustad kimi uşaq qəlbini gözəl bilən təcrübəli bir müəllim idi, şagirdlərə ata məhəbbəti bəsləyirdi. Onun gənclərin tərbiyəsinə olan münasibətinin əsasını, şüurlu tələbkarlıq və ciddiliklə dolu insanpərvərlik təşkil edirdi. Razikaşvili qardaşları: Vaca Pşaveli, Baçana və başqaları kimi gözəl xalq maarifpərvərləri və istedadlı yazıçı və şairlər N. O. Lomourinin tələbələridir. O, seminariya şagirdlərinin hamısına eyni münasibət bəsləyir və gürcülərlə gürcü olmayanlar arasında fərq qoymurdu. Belə bir münasibətə görə, seminariyanın Azərbaycan şöbəsinin şagirdləri onu xristian pansionunun şagirdlərindən az sevmirdilər. Bir yoldaş kimi Nikolay Osifoviç səmimi insan idi: diqqətli, qayğıkeş və xeyirxah bir insan kimi o, yoldaşın və dostun səadəti üçün öz mənafeyini qurban verməyə hazır idi. Seminariya müəllimləri arasında ümumi hörmət və məhəbbət qazanmışdı. Heç kəs gənc nəslə Nikolay Osifoviç kimi təsəlli verməyi, yaxşı məsləhətlər etməyi bacarmırdı. Əziz dost və unudulmaz yoldaş, sənə rəhmət olsun. Rəhmdil allah böyük kədər içərisində olan ailənə və saysız-hesabsız tələbələrinə səbr versin. * * * Ədəbiyyatımıza dair məktub Vaxtbavaxt "Şərqi-Rus"un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar və müsəlman qardaşları elm və maarif kəsbinə dəvət edirlər. Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kamalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Şairi-kamil və ədibi-fazil öz əsrinin müsəvvir və nəqqaşı mənziləsindədir. Nə qədər şairin təbi səlim, zehni açıq, nitqi guya, daireyi-əqliyyəsi vəsi, əfkar və hissiyyatı təbii və ali olsa, bir o qədər onun qələmi-cavahirnisarından vüqua gələn nəqşələr və təsvirlər mərğub və dilaviz olacaqdır, bir o qədər onun asari-qələmi və məhsulati-fikri ali olacaqdır, bir o qədər o əsərlərin əzhan və vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyyəti ziyadə olacaqdır. Farsların Şeyx Sədisi və Xacə Hafizi, ingilislərin Şekspiri və Bayronu, frənglərin Jan Jak Russosu və Viktor Hüqosu, nemeslərin Götesi və Şilleri, rusların Puşkini, Dostoyevski və Tolstoyu öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə fövqdə zikr olunan millətlər fəxr edirlər. Farslar nəzm aləminin soltanı dörd nəfərdən ibarət olmasını iddia edib, əvvəl məqamda Firdövsiyi-Tusini, sonra Ənvərini, sonra Şeyx Sədini və dördüncü məqamda Nizamiyi əleyhirrəhməni qoyublar. Frənglər Viktor Hüqo ilə və ruslar Puşkin ilə fəxr edən kimi, farslar dəxi bu dörd nəfər nəzm aləminin soltanları ilə fəxr edirlər. Sədinin haqqında ki, üçüncü məqamda qoyulubdur, şair belə deyibdir: Seyyum Sədi ke, ta dəm zəd zi Şiraz, Rəsid şiraziyanra bər fələk naz[1]. [1] Tərcüməsi: Üçüncü, Sədidir ki, Şirazda özünü göstərəndə şirazlıların nazı fələkə çatdı. Həqiqətdə Sədi kimi ədibi-binəzirin və sahibi-hikmət və vücudun adı ilə iftixar edib, fələkə də naz etmək olar…. Ancaq bu qədər var ki, Sədinin əsərləri bir Şiraz əhlinə və fars millətinə mütəəlliq olmayıb, bəlkə cəmi mədəni tayfalara və millətlərə hüsn xidmət göstərir. Buna görə Sədi dəxi bir şirazlıların olmayıb, bəlkə cəmi aləmin mürəbbisi və filosofu hesab olunur və habelə Tolstoy, Şekspir, Göte və qeyriləri…. Bunların təəllüqü cəmi aləmə çatar, bir millətə və tayfaya çatmaz. Bunlar ümum xəlayiq və insaniyyət müəllimi və mürəbbisidirlər, nəinki məhz bir millət ədibi və şairi. Şeyx Sədi əleyhirrəhmə öz vəzifəsini və öhdəsinə götürdüyü böyük təklifi kamalınca bilib nəinki bir şirazlılara və yainki əhli-əcəmə, bəlkə ümum nasa gözəl nəsihətlər və hikmətamiz sözlər deyib timsal götürüb, hekayələr nəql edib deyir ki, ey adəm övladı, sizi həqqə irşad edən və nicat və salamatlığa yetirən yol budur, həqiqətdə adam isən, bu yol ilə get və nəsihətlərimi dərguş qıl. Pənde-Sədi bequşe-can beşino, Rəh çinin əst, mərd başu bero[2]. [2] Tərcüməsi: Sədinin nəsihətini bütün varlığınla eşit, Yol belədir, kişi ol və get. Həqiqi şair öz zəmanəsinin aynasıdır və Puşkinin deməyinə görə, şair qayalardan və dərələrdən gələn əks-səda mənziləsindədir. Necə ki, heyvanın bağırtısına, göyün gurultusuna və çobanın uca avaz ilə bayatı çağırmasına əks-səda cavab verib hər bir sövtü eyni ilə təkrar edir, həmçinin həqiqi şair dəxi öz camaatının hər qisim sədasına, xah o səda suznak nalə və fəryad olsun və xah fərəhəngiz; bəşaşət və şadyanalıq səsi olsun, gərəkdir eyni ilə cavab verə; öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə; təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə cürət və cəsarət ilə dəvət edə. Amma hər kəlamın təsiri o vaxt dürüst və təbii olar ki, onun mənbəyi şairin ürəyi və zəmiri-safi ola. Ağıl və zor ilə yazılmış kəlam nə qədər mövzun və müsəlsəl olsa da, oxuculara təsir edə bilməz. Hissiyyati-qəlbiyyə bəlağət və fəsahətin əvvəlinci müəllimidir. Hər bir müəllif və şairin baş arzusu qarelərin qəlblərini təsxir etməkdir və bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, əşar və asarın törənəcək yeri hissiyyat ola və hissiyyat nə qədər ali və təbii olsa, bir o qədər kəlamın təsiri artıq olacaqdır. Azərbaycan şairlərindən Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasımbəy Zakirin və Hacı Seyid Əzim Şirvaninin kəlamları cümlə əhli-savada və sahibi-kəmalımıza xoş gəlir. Bu müntəxəb şairlərin qələmlərindən hər nə zühurə gəlibsə, demək olar ki, can riştəsi ilə və ürək qanı ilə təhrir və tənzim olunubdur. Əgər həqirə irad tutulsa ki, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin əşar və əbyatı əksəriyyətlə mədhi-hüsn və eşqi-dilbər barəsində olub, özgə bir ruha qida, ağla qüvvət, fikir və xəyala hərəkət və vüsət verən əsərlər yoxdur, cavabında deyəcək sözlərimiz bu olacaqdır ki, əvvəla, bunlar öz əsrlərinin təqazasına müvafiq rəftar ediblər və hər nə ki, yazıblar, — xah müxəmməsat, xah müstəzad, xah qəzəliyyat və rübaiyyat, — təmamisi səmimi-qəlbdən və hissiyyati-həqiqi ilə bəhəmə gələn əsərlər olubdur. Belə ki, bunların mütaliəsi hər əhli-zövqə təsir edə bilir. Və saniyən, Vaqifin və Vidadinin mədhi-hüsn babində yazılan əsərlərindən əlavə, xeyli əşar və əbyatları dəxi vardır ki, onlarda keçmiş əsrin ayin və adatı və adamlarının adab və əxlaqı və dolanmaları artıq məharətlə rişteyi-nəzmə çəkilib, gələcək nəsil üçün böyük yadigar məqamındadırlar. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar, sözümüzü təsdiq edərlər. Molla Pənah Vaqifin tərifi-çuxa, nimtənə, kürk, şalvar və tüfəng və tərifi-Tiflis və vəsfi-hamam və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlirsə, həqiqətdə əhli-mərifət nəzərində bimisl əsərlərdir. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, adab və əxlaqını, əlbisə va ətiməsini, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza və dəstgahını ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdari ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur. Bunlardan maəda Vaqifin əbnayi-vətənə vəz və nəsihət səpgisində yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb, oxucuların bir yandan təhsin və tərifinə və bir yandan heyrət və əndişəsinə səbəb olacaqdır. Həmən müxəmməsdən bir bəndi göstərməklə iktifa edirik: Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-[qəmü] dərdi-fəraq. Cifəyi-dünyayadır hər ehtiyacü iştiyaq, Munca kim, etdim tamaşa, zillərə asdım qulaq, Kizb, böhtandan savayı bir hekayət görmədim. Görəsən, aya, bu sözlər hansı əqvam və miləl arasında məzmundan düşüb cifəyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmal və əqvalında kizb və böhtan əvəzinə doğruluq və düzlük işlənəcəkdir? Tutalım ki, sədaqət və düzlük yoxdur, bəlkə adəm atanın övladı arasında həqşünaslıq, şükrannemət, qeyrət, hümmət, şərm, həya, etibar və etiqad var. Heyfa ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və məlul eləyir. Budur, oxuyun: Gün kimi bir şəxsə gündə xeyr versən, səd həzar, Zərrəcə etməz ədayi-şükrnemət aşikar. Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar, Dedilər ki, etibarü etiqad aləmdə var, Bundan ötrü mən də çox gəzdim, nəhayət, görmədim? Filhəqiqə, acı və hüznavər sözlərdir və filhəqiqə ürəkdən çıxan suznak nalə və fəryaddır! Amma nə qədər acı və əziyyətli isə də həq və doğrudur, bunları batil etməyə əldə bir çarə və dəlilimiz yoxdur. Etiqad və etibar, qeyrət və namus özgə millətlərdə varsa da, biz müsəlmanlarda yoxdur. Və illa belə zəlalət və fəlakətdə qalmazdıq və bu ana qədər biz də bir ağ günə çıxardıq. Qasımbəy Zakirin və Hacı Seyid Əzimin barəsində özgə bir vaxtda danışarıq. Bu iki vücud Azərbaycan şüəra və üdəbasının ən məşhuru və ən müntəxəbi hesab olunur. Azacıq sözlər ilə bunların tövsif və tərifi və əsərlərinin dərəcəyi-əhəmiyyəti təqrirə gələsi deyil. İndiki şairlərimizə gəldikdə, onların təbi-şerləri barəsində bir sözümüz yoxdur; təbləri mövzun, fikirləri gözəl, niyyətləri məqbul və müstəhsən olmağına şübhəmiz yoxdur. Bunların hamısı var. Ancaq şerə lətafət və məlahət verən hissiyyati-həqiqi və zövqi-təbii yoxdur va buna da səbəb anladığımıza görə odur ki, bu ərbabi-bəlağətlərimiz bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. Məsələn, "elm". Bu halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zərur olmasını inkar edə. Avamdan dəxi sual olunsa ki, şeyin elmi yaxşıdır, yoxsa cəhli, bişək və laşübhə deyəcəkdir ki, elmi yaxşıdır. Belə olan surətdə uzun-uzun şerlərdə elmi və kamalı tərif etməyə nə hacət var. Xah Avropanın və xah məşriq-zəminin məşhur ədibləri və namdar şairləri "elmi" və ya "məktəbi" sərməşq tutub, öz təlifat və əsərlərində bunları tərif etməyiblər. Gözəl nəsihətlər, hikmətamiz hekayələr, vətənə məhəbbət, millətə xidmət, təvarixdən şayani-diqqət əhval və rəvayətlər, dostluqda sədaqət, əhdə vəfa etmək və bunlar misilli min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsiləyi-təbinə hərəkət versə daha ziyadə mərğub olmazdımı? * * * Ədəbiyyatımıza dair Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin göy üzündə qatarlaşıb oxuya-oxuya uçan durnalara xitabən yazdığı mürəbbeatı möhtərəm "Rəhbər"in səhifələrinə təqdim etməklə belə məlum edirəm ki, bu əsərlər nə Adolf Berjenin Leypsiqdə çap olunan məcmuəsinə və nə də Yusif Qarabağinin kitabçasına daxil olmayıb, nüdrətən tapılan əsərlərdir. MOLLA VƏLİ VİDADİ Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimana, durnalar? Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar? Təsbih kimi qatarınız düzərsiz, Havalanıb ərş üzündə süzərsiz, Gah olur ki, danə-xurə gəzərsiz, Siz düşərsiz pərişana, durnalar! Ərz eləyim bu sözümün sağıdır, Yollarınız həramıdır, yağıdır, Şahin, şunqar sürbənizi[1] dağıdır, Boyanarsız qızıl qana, durnalar! [1] Sürbə — sürü, dəstə və qatar mənasınadır. Durna sürüsünə "sürbə" deyilir. Əzəl başdan Bəsrə, Bağdad eliniz, Bəylər üçün ərməğandır teliniz, Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Bir baş çəkin dərdməndin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə Siz yetirin bir nişana, durnalar! MOLLA PƏNAH VAQIF Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz, bizə, durnalar! Sizə müştaq olub Bağdad elləri, Gözləyə-gözləyə qalıb yolları, Asta qanad çalın, qafil telləri, Heyifdir, salarsız düzə, durnalar! Xeyli vaxtdır yarın fərağındayam Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün gözə, durnalar! Mən sevmişəm ala gözün sürməsin, Bədnəzər kəsibən ziyan verməsin, Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Nazənin-nazənin edərsiz avaz, Ruh [da] tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz, Hərdəm sizin ilə gəzə, durnalar! QASIMBƏY ZAKİR Bir saat havada qanad saxlayın, Rəhm edin didəmdə yaşa durnalar! Qatarlaşıb hansı yerdən gəlirsiz Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Bu vilada hər gün tökülür qanlar, Yavaş-yavaş keçin, səsniz anılar, Laçın yatağıdır bizim məkanlar, Qorxuram sürbəniz çaşa, durnalar! Diyari-qürbətdə müddətdi varam, Gecə-gündüz canan deyib, ağlaram, Mən də sizin kimi qəribi-zaram, Eyləməyin məndən haşa, durnalar! Mən sevmişəm yarın ala gözünü. Nəsib ola bir də görüm üzünü, Yoxsa danışırsız dilbər sözünü, Veribsiniz nə baş-başa, durnalar? Zakirəm, od tutub alışdı ciyər, Var isə canandan sizdə bir xəbər, Təğafül etməyin, allahı sevər, Dönməsin bağrınız daşa, durnalar! Əgərçi bu mürəbbeatın iki axırıncısı əvvəlkinə nəzirədir və lakin bunlardan birini o birilərinə tərcih vermək çətindir. Çünki hər bir şairin kəlamının məxsusi bir şivəsi vardır. Hər bir şair öz qəlbinin və təbinin iqtizasınca göy üzündə qatar ilə uçan durnalara üz tutub, öz hali-dilini ərz qılır. Vidadi xəstə öz hüzn-ələmindən və şikəstəxatirliyindən dəm vurub elə zənn eləyir ki, durnalar dəxi həmişə qəm və ələmə mübtəla olub, oxuduqları nəğmələr fərəh və şadlıq ucundan olmayıb, qəm və qüssədən naşi ah və nalələrdir. O səbəbdən şair onlara xitab edib deyir: Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkana, durnalar? Onların şirin dili Vidadinin ürəyini parça-parça eləyir: Oxuduqca şirin-şirin diliniz, Bağrım olur şana-şana, durnalar! Burada şan-şan, yəni parça-parça əvəzinə vəzni-şer düz gəlmək üçün şana-şana yazılıbdır. Vaqif dəxi həmçinin öz qəlbində olan hissiyyati-təbiisindən söz açıb durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu ala gözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? Onlara belə deyir: Xeyli vaxtdır yarın fərağındayam, Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün gözə, durnalar! Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır, onların avazı şairin ruhunu təzələndirir və onu dövrə qalxmağa, ərş üzündə onlarla seyr və səyahət etməyə təhrik qılır: Nazənin-nazənin edərsiz avaz, Ruh da tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz, Hərdəm sizin ilə gəzə, durnalar! Məlum ola ki, nə qədər ki, Molla Pənah Vaqif əhli-zövq və səfa idi, beş günlük ömrünü fürsət bilib istərdi ki, onu eyşi-işrətdə keçirib, könlündə bir həsrət və arzu qoymasın, bir o qədər də onun dusti-həqiqisi Molla Vəli Vidadi dünyanın zövq və səfasına bel bağlamayıb, onun bivəfa olmasından mütənəffir və məyus idi, qəlbi və meyli axirət dünyası ilə olub, ibadət və riyazətlə ömr keçirməyi beş günlük eyş-işrətə tərcih qılırdı. Necə ki, bu barədə şair özü buyurubdur: Fikr etsən əyər dəhrin işi bəhri-bəladır, Bir dürri-giranmayəsi min cana bəhadır, Hər nəqşi bir ayineyi-isbati-fənadır, Məqsudi-dü aləm yenə təhsili-rizadır. Bir cam yetir, saqi ki, dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. Qasımbəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsirr, yoldaş və rəfiq hesab etsinlər: Diyari-qürbətdə müddətdi varam, Gecə-günduz canan deyib ağlaram, Mən də sizin kimi qəribi-zaram, Eyləməyin məndən haşa, durnalar! Amma hər üç şairin durnalara yazığı və rəhmi gəlib dostluq və mehribanlıq üzü ilə onlara tapşırırlar ki, bu yerlər xatalı yerlərdir. Burada durmasınlar və səslərini çıxartmayıb, ahəstə keçib getsinlər və illa şahin və laçın duyuq düşüb onların sürbəsini dağıdar və qızıl qana boyar. Vidadi deyir: Şahin, şunqar sürbənizi dağıdar, Boyanarsız qızıl qana, durnalar! Vaqif deyir: Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Zakir deyir: Laçın yatarıdır bizim məkanlar, Qorxuram sürbəniz çaşa, durnalar! Mühəssəlülkəlam, hər bir şairin kəlamında özgə bir lətafət və başqa bir hiss və məlahət var ki, əhli-dil və ərbabi-zövq və kamal onları oxuduqda dərk eləyir və hər o şey ki, qəlb ilə hiss olunur, bəzi vaxt yazmaq və sevilməklə ifadə olunmaz, təqrir və bəyana gəlməz. * * * Gürcü şairi Akaki Sereteli yubileyinə dair Necə ki, ötən məqaləmizdə söz vermişdik, Akaki Sereteli cənablarının müxtəsər tərcümeyi-halını yazıb, əsərlərindən bəzi məlumat verməyə iqdam edirik. Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar. Zahirdə bu adət nəzərə bir az təəccüblü gəlirsə də, həqiqətdə bunun yaxşı tərəfləri vardır. Belə ki, xass ilə amın, rəiyyət ilə ağanın mabeynində hər iki sinfi bir-birinə yaxınlaşdırmaq üçün bir vəsilə əmələ gəlir, xüsusən, o halda ki, tərbiyəyə verilən ağazadənin süd qardaşı və süd bacısı ola. Burada balaca knyaz kənd uşaqlarının içində böyüyüb, onların adab və əxlaqını, dünyaya nə göz ilə baxmağını, hərəkat və səkanatını, danışıqlarını, adətlərini, bilaixtiyar iqtibas edib, onlar kimi sadə dolanmağa, soyuğa və istiyə, aclığa və susuzluğa körpəlikdən adətkərdə olmuşdur. Knyaz Sereteli indi də haman gözəl vaxtını həsrətlə yad edir və kənd uşaqları ilə bir yerdə oynadıqlarını, bağda və çəməndə gəzməklərini, çiçəklərdən dəstə bağlamaqlarını, dünyanın qayğısından əsla bixəbər olmaqlarını yada gətirməklə könlünü şad eləyir. Şair kənd əhlindən və balaca yoldaşlarından eşitdiyi qisim-qisim nağılları sonradan başqa libasa geyindirib, gözəl əsərlər meydana gətirmişdir. Uşaq mövsümünün ikinci hissəsini şair valideyninin təhti-nəzarətində keçirir. Fəqir əkinçinin hisli və boş daxmasından dövlətmənd və sahib-hökumət knyazın müzəyyən və bəzəkli otağına müraciət edib və burada olan calalı və otuz nəfərdən ziyadə pişxidmətlərin qabağında əlibağlı durmağını görüb şair heyrətə düşür, oradakı yoxsulluq, ehtiyac və sadəlik, buradakı dövlət, təntənə, büsat, bolluq, izaf? x?rcl?r…. N? boyuk t?favut, n? ziyad? f?rq!…. Seretelinin əvvəlinci müəlliməsi mehriban anası olubdur, hansı ki, öz əsrində artıq bilikli və elmli arvadlardan birisi hesab olunurdu. Amma atasının çəndan elm və savadı yox imiş. Səkkiz yaşı tamam olduqda balaca Akakini atası Kutaisdə gürcü dvoryan gimnaziyasına qoyur. Burada əvvəl dəfə azadəliyə adət etmiş knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. O vaxt acıqlı, qaş-qabaqlı və mütəkəbbir müəllimlər ilə saziş eləmək doğrudan da ən çətin məsələlərdən birisi idi. Heç zadın üstündə şagirdi döymək, qaranlıq otağa salmaq, yemək və içməkdən məhrum etmək bizim köhnə məktəblərdə işlənən kimi gürcülərin gimnaziyalarında dəxi mötəbər qaydalardan sayılırdı. Kutais gimnaziyasında Sereteli çox zəhmət və məşəqqətlə rus dilini öyrənir, amma gimnaziyanın kursunu tamam etməyə üç-dörd ay qalmış müəllimlərin cövrü sitəminə artıq təhəmmül edə bilməyib, şair ata və ananın izni ilə oradan çıxır və Rusiyanın paytaxtı Peterburqa azim olur. Burada əlsinəyi-şərqiyyə mədrəsəsinə daxil olursa da, ona iktifa etməyib, o vaxtda məşhur professorların leksiyalarına qulaq asmaqla xeyli məlumat kəsb eləyir. Rus studentləri ilə dostlaşıb keçən əsrin altmışıncı sənəsində məşhur ədiblərin əsərlərini artıq həvəslə oxuyub, rusların məişəti ilə aşna olur. Bu vaxtlarda knyaz Akaki özü dəxi başlayır qələmini imtahan etməyə. Onun əvvəlki yazıları vaxtın təqazasına görə imperator Aleksandr saninin verdiyi reformalara dair məqalələr idi. Bu məqalələrdə ki, "İsti xəbərlər" sərlövhəsi ilə "Droeba" qəzetində çap olunurdu, Akaki reformanın tərəfdarı olmağını bildirib, rəiyyət tayfasının knyazların və mülkədarların təhti-hökumətindən və zülm-sitəmindən xilas olmasını suzişli dil ilə bəyan edərdi. Onun məqalələri artıq şövq ilə oxunurdu. Bundan bir zaman keçmiş şair başlayır nəzmlə yazmağı və bizim Azərbaycan şairləri kimi gülü, bülbülü, bahar və şərabı vəsf edib, mədhi-dilbər barəsində gözəl şerlər yazır ki, indi də oxuyanları valeh edir. Nəzmin əqsamindən savayı onun nəsr ilə yazılmış hər növ əsərləri: romanı, draması, komediyası, təlimi-ətfala dair nağıl və hekayələri və məzhəkələri vardır. Seretelinin təbi ziyadə mövzun və rəvan olmağa görə yazdığı əsərlərin dəxi həddi-hesabı yoxdur. Bir şerində şair təbi-şeriyyəsini bəyan edib deyir: "Mənim mürəkkəbim zəhər və bal ilə, sirkə və göz yaşı ilə məmzucdur. Mən istəyirəm ki, şerlərimi fəqir oxuduqda fəqirliyini unutsun, bədbəxt oxuyanda təsəlli bulsun və haqq-savabı hər kəs nəzmimdə hiss edib xoşhal olsun, amma şerlərimin vasit?si il? dusm?nl?rin d? ur?yin? z?h?r dam?zd?rmaq ist?yir?m….". Bununla belə, Akaki Seretelinin ümdə arzusu və baş fikri məhəbbət və qardaşlıqdır. Gələcək zamanda hamı millətlərin birləşib ittihad və ittifaqı və qardaş kimi mehriban dolanmaq arzusu şairin təbini güşadə edib, onun xəyalatını uca məqamlarda gəzdirir və bu ümumi ittifaqın ziddinə gedən təəssübkeşləri, nifaq və ziddiyyət toxumunu səpənləri və ürəklərdə kin və ədavət bəsləyənləri və filcümlə haqq üzünə pərdə çəkənləri nifrət ilə yad edib, lənət damğasını onların alnına basır. Sereteli yektərəf və mütəəssib millətpərəstlərdən deyil ki, öz millətinin eyb və qüsurunu görməyib, ancaq onu layiqi-məhəbbət və təhsin bilsin. Sereteli üçün hamı millətlər müsavidir və bir-birinə qardaşdır. Şairin ibadət eylədiyi məbədgahda bütün insaniyyət sığışa bilir. Onun üçün kilsə, məscid və yəhudilərin sinaqoqu yeksandır. Çünki həqiqətdə hər bir millətin getdiyi yol əlavə isə də, məqsədi birdir. Cümlə haqq tərəfinə, xudayi-ləmyəzal canibinə sövq etməkdədir. Bu barədə Sereteli bizim şüəradan mərhum Abdulla bəy Asini və Hacı Seyid Əzim Şirvanini dərxatir edir ki, onların da məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir, nəinki yalnız bir qövmün nicatı. Və məbudi-həqq birdir; hər kəs nə dil ilə və nə qayda təriqi ilə ona ibadət edəcək etsin, necə ki, Asi deyibdir: Kiniştu Kəbə yeksandır, əzizim, Çu min xud talibi-didar imiştum. [1] [1] Tərcüməsi: İlahi, məscidə meyxanə dönsün, Tökülsün badəsi, peymanə dönsün. Və Hacı Seyid Əzim buyurubdur: Kimisi Kəbədə həqqi, kimi deyr içrə görər, Hərə bir növü gəzər, axtarar ol sübhani. Və insaniyyət barəsində demişdir: Demirəm rus, ya müsəlman ol, Hər nə olsan get əhli-ürfan ol. Seretelinin baş arzularından birisi də təzə nəsl ilə köhnə nəslin, yəni atalar ilə oğulların birləşib yekdil və yekcəhət olub, vətənin və millətin xeyr və səlahı üçün sərfi-hümmət etməkləridir. Bu xüsusda bir nəzmində deyir: "Hərdəm ki, gözəl bir xəndəni və canalıcı bir baxışı yada salıram, cürət və qüvvətim artır. Haqq yolunda bütün aləm ilə cəng etməyə müqtədir oluram. O xəndə mehriban ananın və sevgili yarın xəndəsi deyil, o xəndə yeni hasilə gələn cavan nəslin xəndəsidir ki, onu dünyanın malına dəyişmərəm. O xəndədir mənim qəlbimə səfa və təbimə tab və qüvvət verən!". Akaki Seretelinin təbi romantizmdən xali deyil. Onun "Suliko" (Cancığazım) ünvanında yazdığı bir nəğmə başdan ayağa romantizmdir. Bu nəğmə rus və firəng dillərinə tərcümə olunubdur və tamam Gürcüstan onu sövt ilə oxuyur. Məzmunu budur: "Sevgili cananın qəbrini axtarırdım və heç yerdə onu tapmayıb ağlaya-ağlaya çağırırdım: Haradasan mənim canım, Suliko? Bu halda xar və tikan içrə gözüm yeni açılmış tər və tazə qızıl gülə sataşdı. Ondan sual elədim: mənim Sulikom sənmisən? Cavabında qızıl gül qızarmış və şərməndə başını aşağı dikdi və bir damcı duru və müəttər şeh göz yaşı tək yerə saldı. Bu əsnada gülün içindən bülbül pırıldayıb nəğməsini kəsdi. Müşfiqanə ondan sordum: Gözəl quşcuğaz, mənim Sulikom sən deyilsən ki? Bunu eşitcək biçarə bülbül dərhal uçub gül şaxının üstünə qondu və dimdiyi ilə gül yarpağına ahəstə toxunub başladı ah və nalə eləməyə, onun nəğməsi məni valeh etdi. Qaranlıq gecədə ulduz zəif şəfəqini üzümə saldı. Ondan sual etdim: Ey gözəl ulduz, bəlkə mənim Sulikom sənsən? Ulduz atəş kimi alışıb yanmağa başladı və şəfəqini daha da artırıb üzümü və gözümü münəvvər etdi. Bu halda lətif bir yel əsdi və mənim qulağıma pıçıldadı: "Axtardığını tapdın, şad ol, qəm və qüssəni unut, vaxta ki, gün batar, dünyanı qaranlıq bürür, göydə ulduz, yerdə bülbül və gül sənin qəlbini şad edər. Sənin sevgilin vəfat edibsə də, səndən ayrılmayıbdır və üç sifətdə həmişə səninlə vardır". Odur ki, mən hər şeydən artıq gülün ətrini, bülbülün naləsini və ulduzun şəfəqini sevirəm. Hər üçündə mənim Sulikom özünə məkan tutmuşdur". Akaki Sereteli knyaz Çavçavadze kimi vətən uğrunda və millət yolunda kişilərin mərdanəliyindən danışıb, gürcü arvadlarını da unutmayıbdır. Onların vətən yolunda qeyrət və namuslarını şairanə nəzmə çəkibdir. Bir nəzmində belə bir əhval söyləyir: Gürcü xatınlarından birisi üç nəfər oğlunu vətən mühafizəsi üçün davaya göndərib, artıq iztirab ilə onlardan xəbər gözləyir. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. Müxbir ahi-cansuz ilə cavab verir ki, sənə qara xəbər gətirmişəm. Arvad artıq söyləməyə macal verməyib deyir: "Bu barədə danışma, söylə görüm hansı tərəf qalib oldu, vətənimiz salamatdırmı, yoxsa düşmən əlinə düşübdür. Xəbərçi ona təsəlli verib deyir: "Qorxma xanım, gürcülərin qılıncı kəskindir və hünəri artıq. Biz düşmənə qalib gəldik". Bunu eşitcək arvad allaha şükür edir və oğlanlarından xəbər tutur. Xəbərçi onun böyük və kiçik oğlunun vətən uğrunda qətlə yetişməyini xəbər verdikdə gözlərindən iki damla yaş salıb deyir: "Mən onları vətəni mühafizə etmək üçün bəsləmişdim. Bəs ortancıl oğlum qardaşlarının intiqamını aldımı?"--deyib sorduqda xəbərçi deyir: "Xeyr, xanım, bu barədə sənə təsəlli verməkdə acizəm. Ortancıl oğlun düşmənin hücumundan qorxub qaçdı, qardaşları qan tökən zaman o meşədə yarpaqlar altında gizlənmişdi". Bəşirin bu xəbəri biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır, yaxasını çak qılıb, əmcəklərini əlinə alıb deyir: "Səni yox olasan ki, belə qorxaq oğul bəslədin və məni töhmət altında qoydun". Bizim xanımlar üçün şayani-ibrət bir haldır! Arvadların fədakarlığı və vətən yolunda izhar etdikləri hünər və sədaqət hər əsr və zamanda gürcülər üçün mayeyi-fəxr olub, ədibləri onların barəsində gözəl nağıl və hekayələr tərtib etmişlər. Onlardan birisi də Akaki cənablarının "Natela" ismində nəzm etdiyi hekayədir: Gözəl Natela ağ rəngdə bir çuxa tikibdir və elam edibdir ki, o çuxanı geyən xoşbəxt o kəs olacaqdır. Hansı ki, onu düşmənin qanı ilə əlvan və qırmızı boyayacaqdır və sakin olduğu qəsrin ətrafında yüz iyirmi paya sancıbdır. Hansı igid yüz iyirmi düşmən kəlləsi gətirib payaların başına sanca, Natela canını və cismini ona təslim edəcəkdir. Minqrel knyazlarından rəşid və nəcib Sotne Dadiani qaniçici nazəninə toy sövqatı üçün yüz iyirmi düşmən kəlləsi gətirir. Amma toy başlananda Natela nişanlısına təklif edir ki, öz dost-aşnaları ilə gedib, Kartaliniyanı (Gürcüstanın şərq tərəfini) monqolların zülmündən xilas eləsin və illa toy olmayacaqdır. Bu təklifi toya cəm olan cavanlar qəbul edib, şövq ilə monqollar üstə azim olurlar. Bunların qəsdini monqollar duyub, çoxlarını tələf edir və knyaz Dadiani yoldaşları ilə əsir düşür. Monqol padşahı Noinin fərmanı ilə knyazları çıplaq soyundurub ağaclara sarıyırlar və bədənlərinə bal sürtürlər ki, günün qabağında hər qisim həşərat onların qanını sorsun. Noin işrətdə ikən ona xəbər verirlər ki, bir arvad onu görmək istəyir. Arvad hüzura gəldikdə dəfətən üzündən rübəndini açıb yerə atır və cümləni gözəlliyi ilə heyran edir. Bu övrət knyaginya Natela imiş. Noinin işarəsi ilə hüzurda olanlar dışarı çıxır və özü taxtdan düşüb Natelaya tərəf hərəkət edir. Natela libasının altında gizlədiyi xəncəri çəkib hökm edir ki, yerindən tərpənməsin. Noin heyrətdə qalıb başlayır ona yalvarmağa və padşahlığının yarısını, mal və dövlətini ona vədə edir, hətta ona qul olmağı iqrar edir, ta ki, xahişini əmələ gətirsin, ona arvad olsun. Natela cümləsini rədd eləyib deyir: Mən özüm də sənin kimi padşaham, heç bir şeyə ehtiyacım yoxdur. Mən səndən təvəqqe edirəm ki, nişanlımı öz adamları ilə xilas edəsən. Noin ünas əhlindən əvvəlinci dəfə belə mərdanəliyi, rəşadət və cəladəti və ali hissiyyatı müşahidə etdikdə o, valeh və məbhut olur, bir az fikrə gedib onun dəruni aləmində bir təbəddülat vüquə gəlir. Dərhal sui-qəsdindən daşınıb, knyaz Dadiani ilə sağ qalmış yoldaşlarını xilas edir və rəşid Natela ilə Gürcüstan barəsində sülh bağlayıb Gürcüstandan çıxır. Bu hekayənin az-çox əsli olmağı Gürcüstan tarixindən görünür. Knyaz Seretelinin bundan əlavə hübbi-vətən babində tarixdən əxz olunmuş hətta mütəəssir tragediyaları vardır ki, onda Gürcüstan arvadlarının fədakarlığı ədibanə yazılmışdır. Onlardan məşhur "İraqli dövvüm" ("Patara qaxi"), "Tamara", "Medeya" və qeyriləridir. Dramdan savayı Akaki cənabları bir çox komediya dəxi yazmışdır ki, cümləsində gürcülərin məişətini artıq məharətlə göstəribdir və mərhum Mirzə Fətəli Axundovun komediyalarından məşhur "Xan sərabi"ni türkdən gürcü dilinə tərcümə etmişdir və bir çox romanlar, povestlər, hekayə və nağıllar vasitəsilə Gürcüstanın keçmişdəki və indiki halı ilə öz millətini xəbərdar etmişdir. Onların təmamisi ilə oxucuları aşna etmək qeyri-mümkündür. Onlardan nümunə üçün abxazların dolanacağından "Mürəbbi" ünvanı ilə yazdığı bir hekayənin məzmununu burada zikr etməyi münasib gördük. Bir halda ki, bu hekayənin təlim və tərbiyə məsələsində artıq əhəmiyyəti vardır. Abxaziyada olan uca dağların birisinin başında cavan bir abxazlının evi qaralırdı. Burada cavan abxazlı gözəl və istəkli Nazibrola adlı yarı ilə dünyanın qayğısını unudub işrət edirdilər. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur. Yorulmuş müsafir qardaşının yanına bir işdən ötrü gəlibdir. Onun ürəyi eşq odu ilə alışıb yanır, çoxdandır gözəl Ziya xanıma aşiq olubdur, amma məzurə Ziya xanım ona təklif edir ki, Əlməqsudun kəhər atını oğurlasın və illa ona getməyəcəkdir. Əlməqsudun kəhər atı isə cəmi Abxaziyada adı ilə söylənir və hamı ona aşiqdir. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xətalı səfərdən mən edir, amma qardaşının xatirəsi üçün bu çətin əmri öz öhdəsinə götürür. Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı ki, rəşid abxazlı yedəyində kəhər at dar və qorxulu cığır ilə dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. Süd qardaşı yapıncı altında xabda idi. Amma onun istəkli yarı Nazibrola üzü-gözü qanlı, yaxası parçalanmış, zülfləri pərişan halda gözlərindən yaş tökürdü, rəxtxab isə dağınıq və pərişan halda idi. Nə iş vaqe olduğunu abxazlı dəfətən anladı, ürəyi sıxıldı, başı ağırlaşıb bilaixtiyar yerə yıxıldı. Arvadın həzin səs ilə ağlamağı, qəm və qüssəsi bir dəqiqə onun ixtiyarını aldısa da, yenə abxazlı özünü toxdadıb, arvadının əlindən tutub dedi: "Mənim əzizim, ağlama, o bir yuxu idi, onu yadından çıxart. Sən günahdan paksan. Yenə bizim pakizə və müqəddəs məhəbbətimiz ulduz kimi saf və baqi qalacaqdır". Bu sözlərdən sonra onun üzündən öpüb, ürəyini sakit elədi. Sonradan namusuna toxunan Səfəri mülatifətlə yuxudan oyadır. Səfər süd qardaşını adəti halında görüb xof və əndişədən çıxır və belə güman eləyir ki, arvad vaqiəni ərindən məxfi saxlayıbdır. Abxazlı qardaşına güləş üzlə deyir: "Xahişini əmələ gətirdim. İstədiyin kəhər at səni gözləyir, tez ol yola rəvan ol, daha da artıq səni yanımda saxlardım, amma bilirəm ki, əziz yarının vüsalına tələsirsən". Sonradan qonağa əl-üzünü yumağa su, yeməyə xörək verib … onunla bahəm dağın ətəyinə enir. Burada qonağa vida etdikdə ütab ilə ona deyir: "Səfər bəy! Sənin bəd əməlin və alçaqlığın mənə məlumdur. Sən mənim irzimə və namusuma toxundun. Bu fənalığı söyləməyə dilim qadir deyil. Bu fəna yaddan çıxmaz və əfv olunmaz. Öz yolunla get, bir də mənim gözümə sataşma, bu ləkəni ancaq qan ilə yumaq olar". Bu sözləri eşitdikdə Səfər bəy titrədi və rəngi ağardı, ahəstə qardaşına dedi: "Doğru deyirsən, müqəssirəm, deməyə bir sözüm yoxdur. Şeytan məni günah əmələ saldı, mən sənin kəmtərin qulunam, rəhm elə, başımı cəsədimdən ayır". "--Yox, sənə mənim əlim dəyməz, sən mənim anamın döşünü əmmisən, çəkil kənara, babalarımızın müqəddəs adətini pozmaqda mütəssir sən deyilsən. Vətəninə müraciət etdikdə öz müəllim və mürəbbilərinin hüzuruna gedib, mərdanəliyini ona söyləməyi səndən iltica edirəm. Hər qisim tənbeh o sənə qərar etsə, ona tabe ol!". Səfər bəy pərişanhal və qəmgin vətəninə varid oldu və öz mürəbbisi alim və möhtərəm Hacı Yusifin hüzuruna gəlib, tamam əhvalatı ona söylədi. Bu söylədikcə Hacı Yusifin üzü bulud kimi qaralıb tutqun olurdu. Axırda güclə nəfəs alıb soruşdu: "Bəs sonra nə oldu, səninlə necə rəftar elədi, sənə nə dedi?". Səfər bəy cavab verdi ki: "O məni əfv elədi süd qardaşlığı cəhətinə, amma məndən söz aldı ki, sənin hüzuruna gəlib təqsirimi ərz eləyim və hər əmr səndən sadir olsa, ona əməl edəm". "Aha! Düşünürəm, belə bir böyük günahın cəzası qandır, bunu ancaq qan ilə təmizləmək olar, başqa bir çarə yoxdur!" Belə deyib tapancanın çaxmağını qalxızdı. Səfər bəy döşünü qabağa tutub qəzasına razı oldu. Hacı Yusif onu rədd edib dedi: "Yox, ölümə layiq sən deyilsən. Sənin mürəbbindir ki, sənə tərbiyə verməkdə böyük qüsur göstəribdir". Bu halda tapanca açılır və Hacı Yusifin ruhsuz qəlbi yerə sərilir və alnından nazik qan çeşməsi açılır…. Müəllim və mürəbbilərə nə gözəl ibrətdir! Bu misallı təlim və tərbiyəyə və yeniyetmə cavan nəslin təhzibi-əxlaqına dair Sereteli cənablarının daha çox bərgüzidə əsərləri vardır ki, təmamisini qəzetə sütunlarında zikr etməyə yer yoxdur. Bu axır vaxtlarda knyaz Akaki "Müsəlman qardaşlarıma" sərlövhəsində yazdığı bir şerində müsəlmanların qəflətdən ayılmağını müşahidə edib, onları təbrik, ülum və fənnin təhsilinə təşviq, ittihad və ittifaqa tərğib edib deyir: "Çox çəkməz ki, sizi zəif, bacarıqsız və elmsiz bilənlərdən siz qüvvətli, bacarıqlı və elmli olarsınız…." Heyfa ki, Akakinin bu təbriknaməsini ələ gətirə bilmədik ki, tərcüməsini eyni ilə burada yaza idik. Sereteli cənablarını cümlə müsəlman ədibləri və şairləri tərəfindən təbrik edib, Gürcüstanın fəxri üçün daha da çox yaşamaqlarını səmimi qəlbdən arzu və təmənna edirik. * * * Həyata dəvət "Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsək axırımız fənadır! Kişi gərək axirəti üçün çalışsın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarmasın, gözünü axirət guşəsinə tiksin. Ey əzizan! Bir baxın dünyayə--ibrətxanədir, Axırın fikr etməyən aqil deyil, divanədir…. Möhtərəm üləma, vaizlərimizin məscidlərdə və məclislərdə camaata xitabən söylədikləri sözlər və nitqlər əksər övqat bu qisim vəz və nəsihətlərdən ibarət olduğu cümləyə məlumdur. Bu məzmunlu vəzlər ilə ruhani atalarımız, "salikani-rahi-həqiqət" camaatın etiqadına pərxaştlik və süstlük gətirib, dünya zindəganlığından onu soyudurlar, ümuri-məişətdə lazım olan səy və təlaşdan bir növ kənar edirlər. Bu qisim vəz və nəsihətlərin bərəkətindən müsəlman qardaşların var qüvvətləri zəifləşir, fikirdən hünərləri yatır, cürət və hünərləri bir işdə büruz etməyir, qəzalarına razı olub, hər bir cəfa və məşəqqəti qəbul edirlər, hər növ zəhmət və əziyyətə qatlanıb məişətin pozğun və cəfalı övzasına tab gətirirlər və hər işdə "migüzərəd" deyib rahət olurlar. Dünya beş günlükdür, onsuz da axırı ölümdür. Beş günlük ömürdən ötrü çalışmaq yararmı və çalışmaqdan nə hasil? Sultani-cahan isə gedər, canə inanma, Çün baqi deyil, mülki-Süleymanə inanma. Bəs hər kəs öz cəzasını o dünyada alacaqdır, lazımdır ölümə hazırlaşmaq, həyata vəfa yoxdur, baqi deyil. Dünyagir və tamahkar vaizlər üçün camaatın belə qəflət və cəhalətdə yaşamağı, əlbəttə, çox xeyirdir. Hər nə ki, az-çox onlar qazanıb təhsil etsələr, gətirib öz ağalarına təslim edəcəklər, özləri isə aza qənaət edib, ancaq beş günlük ömr üçün əldə bir azacıq sərmayə saxlayacaqlar. Çünki ruhani ataları onlara vazeh dəlillər ilə sübut ediblər ki, dünya malı cəhənnəm odudur, nə lazım onu cəm etmək. Nə gərəkdir sənə bu dövlətümal, Yükünü yüngül eylə, ey həmmal! Üləmayi-kiram həməvaxt biçarə hammalların zəhmətinin səmərəsini hiylə və təzvir ilə əllərindən alıb yüklərini yüngül etməyə çalışmışlar. O səbəbdəndir ki, müsəlman aləminə nəzər yetirdikdə, onun fəna halı ilə avropalıların dolanacağını tutuşdururkən əqli-insan heyrətdə qalır. Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahət güzəran avropalılarda; fəqr, zəlalət, yoxsullüq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalət aləmi-islamda. Bunlar gözün tikiblər axirətə, beş günlük ömrü bir tövr keçirib, darü bəqaya vasil olmağa, onlar çalışırlar dünya zindəganlıqlarını rahat etməyə və mürəffəhal ilə dolanmağa, özləri üçün dövlət və hörmət qazanmağa. Bunlar fəlakət və qəflətdə, onlar ciddiyyət və səadətdə; bunlar ölü, onlar diri! Avropalıların bu fəaliyyət, ciddiyyət və səadəti onların müsəlmanlardan artıq dərəcədə qabil və müstəid olmaqlarından deyil, məhz ondan naşıdır ki, onlar həyatın qədrini bilib, ondan müstəfid olurlar. Müsəlmanlar isə həyata meyil etməyib, məmatın fikrindədirlər. Rus ədiblərindən məşhur Q. Petrov qraf Tolstoyun bir para fəlsəfəyə məxsus əsərlərini məqami-tənqidə qoyub, məzkur əsərlər rusların tənəzzül, kəsalət və bətalətinə səbəb olmasını sübuta yetirir. Tolstoyun "məzərrət və şərarətə müqavimət etməməlidir" rəy və qövlünü Petrov batil və müzürr əqidələrdən hesab edib, rusları həyata dəvət edir və nəsihət üzü ilə onlara deyir: "Diriliyinizi qənimət bilib, zindəganlıq ediniz, zindəganlığın şərtlərini öyrənib, rahat yaşayınız, vaxtınızı qəflətdə keçirməyiniz, yatmayınız, donub bir nöqtə üzrə qalmayınız, yaşayınız və başqalarının həyatına səbəb olunuz. Ülum və fünuna, sənaye və ticarətə, fəlsəfəyə, alış-verişə, ziraətə, məktəb və mədrəsələrə hərəkət veriniz, həyat bəxş ediniz, məişət üçün təzə üsul və qaydalar tərtib ediniz, siyasi və iqtisadi işlərinizə təğyir və təbdil verib, başqaları ilə rəftar və əlaqənizi düzəldiniz, hürriyyət və ülviyyət kəsb ediniz". Bundan sonra cənab Petrov yazır: "Hürriyyət, müsavat və üxüvvət məsələsində gərək bir qüsur olmasın. Cümləyə qardaş gözü ilə baxılsın, başqalarının hüquq və ixtiyarlarına, məmuriyyət və asayişə riayət edilsin, bir nəfsə və bir tayfaya bir zərər dəyməsin. Heç bir millət və tayfanın şan və şərəfinə xələl yetişməsin, haqlarında cövr və sitəm rəva görülməsin. Hər bir millət, qövm və tayfa gərək xəta və bəladan məsun qalıb, asudə yaşasın, öz ədəbiyyat və lisanlarını, ayin və adətlərini mühafizə edib, bacardıqları xidməti bəşəriyyət aləminə yetirsin". Petrovun əqidəsincə, əcnəbi millətlərin haqqında icra olunan təzyiqat, zülm və cəfa, həqiqəti-əmrdə qətlə bərabərdir, həqq-təala yaratdığı işığı söndürmək mənziləsindəndir, günahsızların qətlinə fərman vermək, acizləri boğazlarından asmaq məqamındadır. Bundan sonra Petrov cənabları yazır: "Həyatı unutmayınız, ona rəhminiz gəlsin, həm vücudunuzda, həm başqalarda onu mühafizə ediniz, seviniz və əziz tutunuz, əski və qədim nişangahların uçub dağılmasına razı olmayıb, yazığınız gəlirkən qüvvətli bir millətin hücum və zülmü altında başqa bir zəif millətin hüquq və hürriyyətinin əlindən alınmasına, dilinin və dininin məhv və nabud olmas?na r?hminiz g?lm?zmi?….". Petrovun bu sözləri qızıl suyu ilə yazılmalıdır! Əlhəqq, həyatı sevmək və onun qədrini bilmək lazımdır. Bizlər isə bu mətləbdən qafil və uzaq düşmüşük, həyatın qədrini bilməyirik və hər kəs ki, bizlərdən bir azacıq onun qədr və qiymətini dərk edib, övzai-məişətini islah etməyə çalışır, dərhal cənab vaiz ilə ağa dərviş onun qapısını kəsib uca səslə yadavərlik edər ki, ey qafil, dünya ibrətxanədir, dünyaya uyma, axirəti əldən qoyma, karvani-dəhr yola düşübdür. Hər kəs yükünü tez yükləsə mərdanədir. Bu dünyayi-dunə rəğbət etmə. Axirət üçün tədarük gör, guşeyi-qəbirdən gözünü çəkmə, naz ilə başını balişi-nazə qoyma, çünki min-min nəzakət əhli xak ilə yeksan olublar. Başını naz ilə qoyma nazbalış üstə, bax, Gör nəzakət əhli min-min xak ilə yeksanədir! Huşiyar ol, qıl tədarük, bax gedənlər səmtinə-- Guşeyi-qəbrə--qaranlıq, dar, nəmiş, viranədir. Vaizin və ağa dərvişin belə sərsəri-xəzanə bənzər nəfəsi-sərdi müsəlman qardaşları cünbüş və hərəkətdən salıb, bütün cəsədlərinə bir süstlük və pərişanlıq ariz edir, belə ki, onların hər bir şeydən şövq və həvəsi kəsilib, məmatdan səva fikir və xəyallarına başqa bir şey gəlmir. Bir kəsin cürət və hünəri olmur ki, vaizi-alicənabdan sual etsin, əcəba, bu qaranlıq, dar və nəmiş məqama yazığı nə üçün dəvət edirsən, burada ki, həyatdan bir əsər yoxdur. Bu viranə mənzil ancaq ölülər üçündür. Mən ki, hələ ölməmişəm, diriyəm. Mənim zindəganlarıma, eyşü işrətimə nə üçün zəhər qatırsan, halımı pərişan və fikrimi didərgun edirsən? Ey bizim ruhumuzun mürəttibləri və başımızın sahibləri ruhani atalarımız! Bizə rəhminiz gəlsin, insaf və mürüvvət ediniz, ətrafımızdakı miləlü əqvamın cümləsi tərəqqi yoluna düşüb, aramsız ciddü cəhd etməkdədirlər, əsbabi-məişətlərini təhiyyə qılmaqdadır. Cümlənin əqli, fikri, zehni işləyir, övzai-məişətləri yaxşılığa və asanlığa çevrilir. Cümlə millətlərin əfradı arı səbətlərə bal daşıyar kimi müttəsil işləməkdədirlər, amma biz yatıb qalmışıq, nə əqlimiz işləyir, nə fikrimiz və nə zehnimiz. Gözümüzü ancaq axirət guşəsin? tikib qalm?s?q. H?rd?n bir cunbus v? h?r?k?t buruz etdikd? aga d?rvisin s?si gusumuza yetisir: "Axirin fikr etm?y?n aqil deyil, divan?dir….". Q. Petrov rusları həyata dəvət edən kimi biz də müsəlman qardaşlara xitabən ərz edirik: "Ey qardaşlar, həyatın qədrini biliniz, həyat allah-taalanın ətiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. Haqq-taala "Leysə lil insanə illa masəa" [1] əmr buyurmamışlarmıdır? [1] Tərcüməsi: İnsan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdir. * * * Həqiqi gözəllik və hərəkətsiz nisfimiz 1 "Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində qurşaqdan yuxarı iki adam surəti çəkilmişdir. Bunlardan birisi məhz ağzı ilə, o birisi başı ilə iş görən adamların şəkilləridir ki, onlara diqqət yetirməmək olmaz. Bu şəkillərin altında yazılıbdır: "Bədənin hansı üzvü işləsə böyüyər və qüvvət tapar". Bu sözlərin doğruluğu şəkillərdən görünür. Hər iki şəkil çirkin, yöndəmsiz, bədtərkib və hətta nifrət gətirici şəkillərdir. Əgərçi bu surətləri çəkməkdən "Molla Nəsrəddin"in muradı başı ilə işləyəni ağzı ilə zəhmət çəkənə tərcih verməkdir, vəli bizim nəzərimizdə hər ikisi çirkindir. Ağzı ilə işləyənin ağzı və çənələri, başı ilə işləyənin başı bədənin sair üzvlərinə nisbətən həddən ziyadə böyük və zorba çıxıbdır. Əvvəlki xırdaca başlı və yekəqarın bir qisim balıq var, ona oxşayır, ikincisi Hindistan aclarına bənzəyir. Bu cür adamların vücudu hər məkanda və zamanda olubdur və vardır. Bizim içimizdə başı ilə iş görənlərin ədədi az isə də, ağzı və dişləri ilə şöhrət kəsb edənlərin həddi, hesabı yoxdur. Hər halda bədənin bir üzvünün böyüyüb əndazədən çıxması və sairlərinii kiçilib balaca və zəif olması bədəni yaraşıqdan salır, onu çirkin, görkəmsiz və nahəmvar eləyir. Bədənin gözəl, göyçək və xoşayənd olması münhəsirdir onun üzvlərinin mötədil, mütənəssiq və yek-digərinə uyğun və müvafiq olmağına. Nəinki bir bəşər qisminin, hətta sair heyvanat və nəbatatın, bəlkə hər qisim məxluqatın gözəlliyi və qəşəngliyi onların vücudunu tərkib edən əza və hissələrin biri-birinə müvafiq, yaraşıqlı və mütənasib olmalarından ibarətdir. Həddən ziyadə yekəağız, yekəbaş, yekəqarın adama xoş gəlməyən kimi, həddən ziyada balaca baş, xırdaça gözlər, nazik və zəif əllər və ayaqlar da adamın nifrətinə səbəb olur. Heyvanat qismində dəxi bu eyblər müşahidə olunduqda insan onlardan nifrət edir, düyünlü, əyri və bədtərkib ağacları da adəm övladı xoşlamayıb, hər şeyin gözəlinə, xoştərkib, xoşəndam və xoş şəklinə meyl və rəğbət göstərir…. Mədhi-dilbər yazmaqda misli və bərabəri olmayan Molla Pənah Vaqif gözəlliyin bir nişanəsi olan zülfə hər bir şeyini bağışlayır: Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Və lakin insanın gözəlliyi, zahiri məlahət və hüsnü lətafətdən ibarət olmayıb, onda ağıl və fərasətin mövcud olmağı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Ağılsız və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. Bir surət zahirdə nə qədər düzgün, eybsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlli etməsə, kamal və mərifət asarı görsənməsə, o surət dilpəsənd, könülalıcı və fərəhgətirici ola bilməz. Habelə ağlın mənbəyi, fikir və fərasətin məzhəri hesab olunan gözlər zahirdə nə qədər göyçək və eybsiz olsa da, insanın qəlbini tərpədib diqqətini cəlb edə bilməz, vaxta ki, onlarda ağıl və şüur əlaməti görünməyə. Maral, əlik, ceyran qismi çox heyvanlar var ki, onların gözlərinin tərifi şairlər kəlamına düşübdür. Vəli həqiqət halda ahu qisim heyvanların gözləri nə qədər zahirdə göyçək olsa da, insana çəndan təsir edə bilmir, əzbəs ki, onlarda şuxluq yoxdur, ağıl, fitrət və cibilli asarı görünməyir və Vaqifin yazdığı əlamətlər--"fitnələr", "fellər" onlarda müşahidə olunmayır. Necə ki, şair deyibdir: Qaynar gözlərindən, şux baxışından Əcayib fitnələr, fellər görünür. Bəs məlum olur ki, şairin sevdiyi qaynar gözlər o gözlərdir ki, ağıl və fəhmin əlaməti onda zahir olur və onların şux baxışından fitnələr və fellər görünür. Şairin sevdiyi şux baxışlı gözlərdir, ahunun zahirdə göyçək, amma həqiqətdə qəlbi-insanı hərəkətə gətirməkdə aciz olan qara gözləri deyil. Hükəma nöqteyi-nəzərincə hər bir camaat, hər bir qövm və millət təklikdə böyük bir cisim mənziləsindədir və bu cismi-əzimi təşkil və təsis edən əfradi-bəşər onun üzvləri məqamındadırlar. Belə olan surətdə hər bir camaatın, hər bir tayfa və millətin şan və şərafəti, qüvvət və miknəti, dövlət və sərvəti filcümlə maddi və mənəvi salamatlığı, gözəlliyi və vəqü heysiyyəti münhəsirdir onları tərtib və təşkil edən üzv və ünsürlərin yek-digərinə mütənasiq və mütənasib olmasına və bunların sülh və ittifaq ilə səy və təlaş edib. Hər birinə müxtəss olan əmalı icra etməsinə. Necə ki, baş işləyib bədənin sair üzvləri hərəkətdən düşəndə və ya sair üzvlər işdə olub, baş işsiz və fikirsiz qalanda şəxsin bədəni çirkin olub işi düzgün getməz, habelə də bir millətin ünsürlərindən bir hissəsi müttəsil işdə və təlaşda olub qeyri bir hissəsi fəaliyyətdən düşsə, işsiz və hərəkətsiz qalsa, o millət nəinki zahirən çirkin, bədtərkib görünəcəkdir, bəlkə müruri-əyyam ilə mənən dəxi zəif, aciz və qüvvətsiz olub taqətdən və hörmətdən düşəcəkdir, şan və şərafətini bilmərrə itirəcəkdir. Rübi-məskunun müxtəlif mərkəzlərində sükunət edən müsəlman millətlərinin mədəniyyət və fəzilət cəhətincə dalda qalmaqlarına, tərəqqi və təalada icz göstərməklərinə bais olan ümdə səbəblərdən birisi də onların hər birisinin təklikdə yarı hissəsi işdə və zəhmətdə olub, o biri hissəsi, tamam yarısı işsiz və şüğlsüz, dünyadan bilkülliyyə bixəbər halda yaşayıb qalmağıdır. Bu bədbəxt hissə aləmi-islamda ünas əhlindən ibarətdir. Təlim və tərbiyədən məyus, hörmət və ixtiyardan məhrum qalmış müsəlman övrətləri qədim əsrlərdən bəridir ki, ciddi fel və hərəkətdən düşmüş, izzət və şərafətini itirmiş, hərəkətsiz və ölmüş bir üzv məqamındadır…. 2 Neçə vaxt bundan müqəddəm "Hərəkətsiz hissəmiz" sərlövhəsi ilə "Tərəqqi"də yazdığımız bir məqalədə məzkur hissənin aləmi-islamda ünas əhlindən ibarət olduğunu şərh və bəyan etmişdik. Məqalənin axırında bu mətləbə daha da bəst verməyi vədə etmişdiksə də, vaxtında vədəyə əməl edə bilmədik. Möhtərəm oxucularımız əfv buyursunlar. Necə ki, falic azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və tərbiyəsiz biçarə arvadlardan, nisfi-digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmağına mane olur. Həm əqlən və həm şərən arvadlar kişilərin bir şaqqası və dilimi olmağı mühəqqəqdir. Buna "innəmən nisau şəqaiqür ricali" hədisi-şərifi şahiddir. Bu hədisdən anlaşılan budur ki, arvad kişinin misli və nəziri və yaxud nisfi-digəridir. Belə ki, kişi təklikdə naqis və yarımçıq bir vücuddur. Onun həddi-kamala yetişməyi bağlıdır nisfi-digəri məqamında olan arvadın vücuduna. Bunların hər ikisindən övlad törəyir və nəsil əmələ gəlir. "Bəqayi-insan, nizami-bəşər və nəzmi-dövran"--bu iki şaqqaların birləşib bir cildi-vahidə girməyinə bağlıdır. Burası dürüst təhqiq və təfhim olunandan sonra arvadların viqayeyi-hüquqları əmrində ehtimami-küllü göstərməlidir. Xüsusən, bizim əsrimizdə ki, hətta Avropa arvadları arasında dəxi böyük cünbüş və hərəkət var. Hər yerdə cəmiyyətlər təşkil edib, azadə arvadlar öz azadlıqlarına qane olmayıb, daha da artıq hüquq və ixtiyar kəsb etməyə çalışırlar. "Molla Nəsrəddin"in 29-cu nömrəsində "Bihəyalar" ünvanında yazılmış nazik işarəyə diqqət yetirilməlidir. Rus şairlərindən məşhur Nekrasov bir kəlamında rus arvadlarının ixtiyarsız və fəna bir halda yaşamalarından bəhs edib, onların üç qisim bəd iqbalda və nəhs taledə yaranmaqlarını zikr qılır. Əvvəlinci bəd tale onların anadan kəniz və ixtiyarsız doğulmağıdır. İkinci bəd tale qul kişiyə arvad olmağıdır. Üçüncü bəd tale və qarabəxtlik qul anası olmağıdır və qul övlada pərəstarlıq etməyidir. Burada Nekrasov rus arvadlarının fəna halını, icz və inkisar üzrə zindəganlıq etməklərini göstərmək ilə belə tamam rus millətinin ixtiyarsız qul olmalarını dəxi gizləməyibdir. Bəlkə kişilərin daha da artıcaq yaman halda dolanmaqlarını bəyan edibdir. Filhəqiqə "Qul kişiyə arvad olmaq, qul adama analıq etmək" ağır və məşəqqətli peşə isə də, hər iki surətdə həqiqəti-əmrdə qul olan kişi olur, arvad olmur. Amma müsəlmanlıqda müsəlmanlar arasında hər üç surətdə qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. Anadan kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və yoldaşına "ər" və "yoldaş" deməyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb, kəniz olur. Qədim zamandan bəridir ki, Azərbaycan türklərinin arasında arvadların halına məxsus onların öz dillərindən belə sözlər deyilir: Qız idim, sultan idim, Nişanlandım xan oldum. Gəlin oldum, qul oldum, Ayaqlara çul oldum! Bu sözlərdən məlum olur ki, müsəlman arvadı ömründə beş-on il xoşbəxtlik və ağ gün görürsə, o da qızlıq əyyamındadır. Ona nişan taxılanda bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki, gəlin olur, qul olur və get-gedə hörmət və izzətini bilmərrə itirib, ayaq altına düşən çul və palas mərtəbəsinə tənəzzül edir. Başqa bir misalda arvadın dilindən bu sözləri eşidirik: Qız idim, geydirdilər ibrü vəfa köynəyini, Nişanlandım, geydirdilər zövqü səfa köynəyini, Gəlin oldum, geydirdilər cəbrü cəfa göynəyini. Bu sözlər dəxi ona şəhadət verir ki, müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır. Bu ağ gün də müsəlman qızlarının çox tez ərə verilməyi nəzərə alınsa, on dörd-on beş ildən ziyadə çəkmir. Ondan sonra biçarə arvad analıq halına yetişib, ölənə kimi əynindən "cəbrü cəfa" köynəyini çıxartmır və sahibinin sərtvücud rəftarından vaxtsız qocalır, qönçə ikən açılmamış solur, tələf olur…. Əgər mətləbin künhünə diqqət yetirib dürüst fikir etsək, onda görərik ki, arvadların təlim və tərbiyəsiz qalmaqlarının, çox işlərdə ixtiyarsız olmaqlarının, övzai-zəmanədən və dünya işlərindən bilkülliyə bixəbər qalmaqlarının zərəri özlərindən artıq kişilərə yetişir, ağılsız, elm və mərifətsiz arvadın yaraşıqsız işi və uyğunsuz hərəkət və söhbəti hamıdan artıq öz kişisinə təsir edir. Kişi təcrübə, elm və bilik cəhətincə hər zaman və məkanda arvaddan artıq olubdur və özünün şaqqası məqamında olan arvadın ağılsız, fəhmsiz və sadədil olduğunu müşahidə etdikcə ürəkdən ağrıyıb içəridən yanır. O səbəbdəndir ki, bir kişi elm və mərifət sarıdan nə qədər artıq tərəqqi etmiş olsa, bir o qədər o özü üçün münasib yar və yoldaş aramaqda ehtiyatlı olur və evlənmək üçün ən çətin məsələlərdən birisi hesab olunur. Bu çətin məsələ cümlədən artıq müsəlman əhli-mərifətinin (intelligensiyasının) qabağını kəsibdir. Əksər ittifaqlarda onlar öz millətləri və həmməzhəbləri arasında müvafiq həmsər və yoldaş tapa bilməyirlər…. Bu halda intelligentni şəxsin təmənnası artıbdır. O təmənnaları keçmiş zəmanənin ayin və adatı ilə tərbiyə almış qızlar yerinə yetirməkdə acizdirlər. İndiki adamlar məhəbbət adlanan ali hissə başqa məna verirlər. O səbəbdəndir ki, mədəniyyətli millətlər arasında təəhhül və təzvic məsələsinə artıq diqqət yetirirlər və artıq ehtiyatlı olurlar. Burada bir boşqab şirni və bir kəllə qənd və üç manat pul ilə tez əldən iş bitib əqdi-nikah cari olmur. Doğrudan da, ər ilə arvadın arasında mərifəs cəhətincə nə qədər təfavüt çox və mənəvi qərabət az olsa, bir o qədər bunların bir yerdə olmağı kişi üçün ağır və çətin olur. Bu surətdə elmsiz və mərifətsiz arvad kişisinin ruhani tərəqqisinə və mənəvi şüğllərinə mane olur. Biçarənin qol və qanadını bağlayıb, ağıl və ruhunun tərəqqi və təcəllisini gah qisim-qisim iddialar ilə pozur və gah həmişə əllərində olan göz yaşı ilə qərq edir. Ürəyi elm və bilik şövqü ilə dolmuş və qəlbində mərifət çırağı yanmış hər bir kişi, xüsusən cavanlıq mövsümündə, mərhum Abdullabəy Asinin kəlamı misdaqincə "Günəş həmxanəliyini məva etmək arzusunda olub", tərlan kimi uca məqamlara uçub qalxmaq istəyir və lakin bu halda dişi qaz misilli bir arvada rast gəlib, qüvvəyi-şəhviyyəsinə məğlub olub, onunla həmsər olur və tezlikcə özü də tərlan ikən çevrilib qaz olur, çamurlu və üfunətli gölmələr içində özünə və balalarına üfunətli tömə axtarmaqla ömrünü zay edir. Belə ki, "Mürği-Qaf ilə həmzəban olub, dövrə qalxmağa balü pər bağlamış" arvadlar hənuz müsəlmanlar arasında hasilə gəlməyibdir. 3 Bilmək gərəkdir ki, ünas əhlinin elm və mərifətsizlikləri ucundan bu qədər dalda qalmaqları, bu qədər biixtiyar, avam və sadədil olmaqları məhz bir özlərinə və kişilərinə zərər yetirmir. Bəlkə bunlardan da artıq onun ziyanı və sədəməsi övlada və körpə balalara toxunur. Təəccüb etməli haldır, analıq və ana olmaqlıq ziyadə çətin və bununla belə müqəddəs bir peşə sayıldığı halda, o çətin peşəni və müqəddəs vəzifəni layiqincə icra etməyə analar hazırlaşdırmaq fikrinə düşmürlər. Bu məsələdə hamıdan artıq qəflətdə olan müsəlmanlardır. Dünənki uşağı, gəlin oynadan və ağzından hənuz süd iyi gələn körpə bir qız balasını bu gün arvad edib, gəlin oynatmaq əvəzində balaya süd və tərbiyə verməyə vadar və məcbur qılırlar. Nə böyük zülm və ədalətsizlik! Və nə böyük cəhalət və divanəlik! Filhəqiqə, belə körpə, əti və sümüyü bərkiməmiş anadan vücuda gələn balalar cismən və əqlən nə qədər zəif, nəhif və mayasız gərək olsunlar. Övladın tərbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb təbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə, ixtiyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və tərbiyənin yolunu kamalınca anlayalar. Bu surətdə demək olar ki, ər və arvad bir cismin, bir bədənin iki müvafiq hissələri və təbii parçalarıdır. Ancaq belə əqlən, əxlaqən və cismən yek-digərinə müvafiq və müsavi olan ər və arvadın əqdləri mübarək və müqəddəsdir və bunlardan törəyən övlad hüsn-tərbiyə almağa müvəffəq ola bilər. Zira ki, ağıl və kamalı dürüst və canı salamat valideyn çalışacaqlar ki, övladları hər bir cəhətdən onların özündən əfzəl və ikmal olsun. Xeyli zamandır ki, Avropada və sair yerlərdə mədəniyyətli qövm və tayfalar arasında ünas tayfası öz hüquq və ixtiyarlarını axtarmaqdadır. Bəzi məmləkətlərdə bunlar bir növ məramlarına nail və mətləblərinə vasil olmuş kimidirlər. Bunları təbrik etmək olar. Bu axır vaxtlarda islam aləminin bəzi niqat və guşələrində müsəlman arvadlarının içində bir növ cünbüş və hərəkət müşahidə olunur. Onlar tərəfdən gahda bir nazikanə tələbi-hürriyyət, hüquq və ixtiyarat sədası gəlir. Müsəlman xanımları da guya özlərinin fəna halda yaşamaqlarını düşünüb, qeydi-əsarətdən və bəndi-zillətdən azad olmaqlarına çarə və tədbir aramaq fikrinə düşürlər. Yavaş-yavaş özlərini tanımaq, təkliflərini anlamaq, qədr və qiymətlərini bilmək istəyirlər. Doğrudan da, ana olmaq, körpə balaya döşdən süd verib onu bələməkdən və ona dayəlik etməkdən ibarət deyil. Analığın, necə ki, yuxarıda zikr olundu, başqa şərt-şrutları vardır ki, onları kamalınca dərk edib yerinə yetirməyə elm və mərifət və anlaq lazımdır. Və həmçinin arvad olmaq yalnız bir bədən və cisim ilə kişiyə qulluq edib, cismani xahişlərini əmələ gətirmək deyil. Həqiqi arvad olmağın dəxi çox mühüm şərtləri vardır ki, onları bilməməkdən bizim yazıq arvadlarımız kişilərinin nəzərində belə xar, zəlil olublar. Elmsiz və cahilə ananın öz övladına nüfuzu o vaxta kimi ola bilər ki, onlar nabaliğ tifl halındadırlar. Necə ki, onların ağıl və fəhmi yaxşı-yamana fərq verməkdə acizdir. Amma zamaniki övlad böyüyüb təlim və tərbiyə alır və elm nuru ilə ağıl və zəkavətini işıqlandırır, onda anasının dünyadan bixəbər və sırf cahilə olduğunu bilib, bir yandan onun sadəliyinə təəccüb edir və bir yandan ona yazığı gəlir. Belə olan surətdə mənəviyyat sarıdan onların yaxınlaşmağı mümkün olmur. Ananın sözünü övlad, övladın dediyini ana başa düşməyib, xilqətən bu qədər yavuq ikən biri-birinə yad olurlar. Bu halda biçarə ana övladından şikayətçi olub, onların əmək itirməklərindən, haqq-naşünas olmaqlarından başlayır qonum-qonşuya giley etməyə. Bu hal həqiqətdə hər iki tərəf üçün ağır və ürək yandırıcı bir haldır. Bu halı rus ədiblərindən məşhur Turgenev "Atalar və oğullar" sərlövhəsi ilə yazdığı bir romanında artıq məharətlə kəşf və bəyan edibdir. Heyfa ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildirlər. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüti-əql, fəhm və idrak daha da artıq dərəcədədir. Bu təfavütdən nəşət edən fənalıq və nifaq məişətimizi pozğun edib, dolanacağımızı nizam və qaydadan salır və bu yolda o qədər faciələr və ürək yandırıcı müsibətlər vüquə gəlir ki, onları dil ilə söyləmək və qələm ilə yazıb başa yetirmək olmaz. Ər və övrət şərən və əqlən bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi qərabət gərəkdir heç bir kəsin mabeynində mülahizə olunmasın və lakin, mətəəssüf, müsəlmanlar arasında hər bir ailənin xoşbəxtliyinə səbəb olan bu iki hissə, yəni ər və arvad əksəriyyətən bir-birinə müvafiq gəlmir. Hissənin biri, yəni ər, yəni ağıl və kamal və bilmək cəhətindən öz mənəvi parçasından, yəni arvadından əla dərəcədə durduğuna görə onunla ülfət və saziş edə bilmir. Bu mənanı "Molla Nəsrəddin"in 30-cu nömrəsində cənab Lağlağı "həlal" ünvanında yazdığı məqalədə zarafatyana daha da açıq söyləyibdir. Amma o şey ki, Lağlağı məzəliliyə salıb açıq söyləyir, onu biz bir az pərdəli danışmağa məcburuq. Necə ki, qədim Yunanıstanda hükəma və filosoflar öz ailələrindən xəlvət qaçıb, getera adlanan azad və bir növ əxlaqsız arvadlar məclisində ruhlarını şad və vaxtlarını xoş keçirirdilər, habelə bu halda bizim müsəlmanlar içində, xüsusən elm və kamal təhsil edənlər arasında, çoxları elm və tərbiyəsiz müsəlman arvadlarına meyl və rəğbət göstərməyib, özləri üçün naməşru yol ilə ruslardan, nemsələrdən və yəhudilərdən yoldaş və həmsər axtarırlar. Bizim anladığımıza görə, özgə sayaq da ola bilməz. Çünki kişini arvad özünə məhz bir cismi və zahir camalı ilə bənd edə bilməz. Bunun üçün ağıl və kamal da lazımdır. Zahiri gözəllik kişini ancaq əvvəl dəfələrdə özünə mayil və rağib edir. Necə ki, kişi bir gözələ malik və sahib olmayıbdır, onun tələbindədir və bu halda gözəllik nüfuzu artıq və hökmürəvandır. Amma elə ki, kişi ona qalib gəldi və ona sahibləndi, onda zahiri gözəllik mənadan düşür və bir az vaxtdan sonra əzəlki qədrü qiymətini sahibinin nəzərində itirir. Bundan sonar kişini özünə bənd edən ağıl və kamal və sirətin gözəlliyidir. Və həqiqəti-əmrdə insanı özünə bağlayan və həmişəlik aşiq edən camali-zahiri deyil, camali-mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sirətdədir. Bunu dürüst biləndən sonra arvadlarımızın ağlının, əxlaqının və filcümlə mənəvi kamalatının tərbiyəsinə məşğul olmağı əvvəlinci vəzifələrimizdən gərəkdir hesab edək. Tərəqqi və təalamızın hüsulu arvadlarımıza təlim və tərbiyə verməyə və onları qaranlıq və cəhalət aləmindən elm və mərifət dünyasına çıxartmağa münhəsirdir. Bu halda hərəkətsiz və taqətsiz hissəmizi hərəkətə gətirib, bütün bədənə dirilik və salamatlıq vermiş kimi oluruq və mənəvi tərəqqimizə bir rast və gen-şahrah açırıq. * * * Həsənbəy Məlikov Bu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi. Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı. Həsənbəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. Biz hələ keçən ilin dekabrında "Zaqafqazye"də Həsənbəyin "Əkinçi" qəzeti haqqında rəy vermişik. "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi. Qəzet bu məqsədi izləyərək, öz səhifələrində kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində xeyli müxtəlif məlumat verir, torpağı gübrələməyin ən yeni qaydalarını göstərir, bu və ya digər təkmilləşdirilmiş kənd təsərrüfat alətlərinin tətbiqi haqqında yazırdı. Bundan əlavə, qəzet öz oxucularına təbabətə, hifz-səhhəyə, fiziologiyaya və sairəyə dair bir çox faydalı məsləhətlər verirdi. "Əkinçi" qəzetində "Müsəlmanların geri qalmasının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və bu kimi vacib məsələlərə toxunan çox ciddi məqalələr də dərc olunurdu. Bu və başqa məsələlərə dair "Əkinçi" qəzetinin əsas əməkdaşları — Əhsənül Qəvaid, Heydəri, sabiq şeyxülislam Hüseynzadə, Əsgərağa Gorani, Nəcəfbəy Vəzirov tərəfindən yazılmış faydalı məqalələr indi də öz əhəmiyyətini itirməmişdir. Lakin, təəssüf ki, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların cahil kütlələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışları təsəlliverici bir nəticəyə gətirib çıxarmadı və müsəlmanlar əvvəlki kimi yenə də elm və maarif məsələlərinə laqeyd qaldılar. Hələ bu azdır, onların bəziləri Həsənbəydən xahiş etmişdir ki, onları rahat buraxsın və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın. "Əkinçi"nin 1876-cı il 7-ci nömrəsində Həsənbəyin dostlarından bir nəfər "S" imzası ilə yazdığı məktubunda ondan soruşur ki, bu "elmi-əbdan"[1] haqqında yazmaqdan nə vaxt əl çəkəcəkdir. [1] "Elmi-əbdan" ifadəsi altında şəriət dərslərindən başqa bütün elmlər nəzərdə tutulur. Öz şübhəsini ifadə edərək bildirir ki, Həsənbəy bu "elmi-əbdan" məsələsi ilə işi o yerə gətirib çıxaracaqdır ki, qəzeti bağlanacaqdır. Həsənbəy öz dostu "S"ə cavab verib deyir ki, peyğəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındakı sözlərini müsəlmanlar çoxdan unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üçün müqəddəs vəzifə sayır. Buna görə də, azərbaycanlıların yeganə qəzeti olmaq etibarilə "Əkinçi" dərvişlik edib, öz oxucularına "1001 gecə" nağılları danışa bilməz; bu qəzet öz qüvvəsi daxilində cəhalət zülmətindən allahın işıqlı dünyasına çıxmaqda öz həmməzhəblərinə kömək etməyə borcludur. * * * Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə söz İyirmi beş sənə bundan əqdəm Badkubə şəhərində nəşr olunan "Əkinçi" qəzetəsi müsəlman qardaşları təhsili-ülum və fünuna tərğib və təşviq edən zaman onlardan kəmetinalıq və soyuqluqdan başqa bir əsər görmədi. Hətta bəzi əşxas ki, o əsrin sahibi-kamal və əhli-mərifəti hesab olunurdu, Hadiyül-Müzəllin Qarabaği kimiləri, "Əkinçi"nin məsləkini müzür və onda dərc olunan gözəl mətləbləri özlərinin köhnə adət və ayinlərinə zidd bilib, biçarə mühərriri nalayiq sözlər ilə həcv edib, olmazın böhtan və iftiranı haqlarında söyləmişdilər. Belə naşayəstə əməlin müqabilində cənab mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini ki, çirkin föhşlərdən ibarət ola, atıb, yerdə qalanını eyni ilə qəzetəsində çap etdirib, həcvin axırında bunu qeyd etmişdi: "Hadiyül-Müzəllinin həcvini təmamən çap etməyə izn olunmadı. Amma o cənabın və onun həmrəylərinin könlü şad olmaq üçün fikrim budur ki, bir daş üstə onu qazıdıb, Qarabağ ilə Zərdab sərhəddində qoyam, ta ki, gələcəkdə bizim övladımız o yadigara baxıb bilsinlər ki, mən milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm". Filhəqiqə demək olur ki, o vaxt cəhalət və nadanlıq Zaqafqaz müsəlmanlarını əhatə edib elm və mərifət nurundan onları bibəhrə qoymuşdu. İki ildən bir qədər ziyadə "Əkinçi" artıq üsrət və məşəqqət ilə zindəganlıq edib, canını millət uğrunda fəda etdi və onun gözəl sözləri və nəfli məlumatı cəhalət pası ilə tutulmuş qəlblərə əsər etmədi. "Əkinçi"dən bir neçə il sonra əvvəlcə "Ziyayi-Qafqaz" və onun dalınca "Kəşkül" ruznamələri Tiflisdə təb və nəşr olunmağa başladı. Amma onlar da çox yaşamayıb, ömrlərini bizə bağışladı. Bu iki qəzetənin zavalını əgərçi çoxları mühərrirlərindən görüb onların biməslək və tamahkar olmaqlarından bəhs etdilərsə də, bizim əqidəmizə görə, camaatımızın da bihümmət və kəmetina və süstrəy olmaqları məzkur qəzetələrin fövt olmasına bais olubdur və insafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb özümüzü safa çıxardaq. Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq. Amma bu illər bizim üçün boş keçmədi. Zəmanənin təqazası bir yandan, mədəni və mərifətli qonşularımızın təsiri özgə bir tərəfdən bizi hərəkət və cünbüşə gətirdi və demək olar ki, bu halda müsəlmanlar bir növ qəflətdən ayılıb tərəqqi yoluna üz qoyublar. Hər guşədən elm və mərifət sədası və hər büqədən təlim və tədris icrası eşidilib müşahidə olunmaqdadır. Lillahülhəmd bu günlərdə intizarını çəkdiyimiz "Şərqi-Rus" ruznaməmiz mərifət meydanına qədəm qoyub, elm və mədəniyyət bayrağını qalxızdı. Ətraf və əknafdan idarəyə daxil olan təbriknamələr, nəzm və nəsr ilə ruznamənin tərifi qəfləti-tövsifi yuxusundan ayılmağımıza böyük bir dəlil və əlamətdir desək, xəta etmiş olmarıq. İyirmi beş il bundan irəli qəzetə haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır…. Bu halda "Şərqi-Rus"dan, hansı ki, ancaq bir aydan bir az ziyadədir nəşr olunur, böyük xidmətlər və mühüm faydalar tələb etmək ağıl və insafdan kənardır. Qəzetə işi ağır işdir, xüsusən, müsəlmanlar içində, hansılarının ki, mətbəəsi yox, yaxşı hürufatı yox, hürufat tərtib edən xidmətçiləri yox, mahir və məlumatlı köməkçiləri və əxbarnəvisləri yox və bunlardan əlavə şövq və həvəslə qəzetəni oxuyub bahasına pul verən müştəriləri yox. Qəzetədən yetişən nəf və fayda bu qüsuratın rəf və təshihi ilə vüqua gəlir və əgər bizim xahişimiz qəzetəmizi nəfili və ləyaqətli etmək isə, onda borcumuz budur ki, onun ehtiyacatını düzəldək, intişarına hümmət və qeyrət göstərək və ərbabi-qələmimizə borcdur onun mündərəcatını xeyirli və zamananın təqazasına müvafiq məlumat ilə doldursun, ta ki qəzetəni oxuyanlar ondan istifadə edib, arzu və təmənnaları puç və ümidləri zay olmasın. Keçən nüsxədə zikr olundu ki, bizim müsəlmanlar qəflət yuxusundan ayılmaqdadırlar. Bu doğrudur. Amma yuxunun müddəti uzun və özü ağır olmağa görə birdən-birə onun əsərindən xilas olmaq çətindir. Bədən zəifləşib, üzvlər taqət və hərəkətdən düşüb, kəsalət cismin əza və cəvarihlərinin cümləsinə sirişt edibdir. Belə ki, ayılmış zəif bədəni birdən qaldırıb ayaq üstə qoymaq qeyri-mümkündür. Lazımdır ona müalicə etmək və qüvvət gətirən dərman və qida yedirtmək və bir müddət onun tədavi üsuluna mütəvəcceh olmaq. Bu isə bağlıdır ağıllı və kamallı kəslərin hümmətinə və əhli-mərifətin və ərbabi-qələmin hünər və qeyrətinə. Heç kəs əlindən gələni gərək bu yolda müzayiqə eyləməsin və cümlə din və millət təəssübü çəkənlər bacardığı qədər kömək və müavinəti ya əqli və qələmi ilə və ya malı və canı ilə ola gərək əsirgəməsin. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu tazələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaqdır. Hər kəs xeyrxahi-millət isə və bu yolda danışıb yazmağa özünü müqtədir bilirsə hünər və sədaqətini göstərsin. Şükür olsun allaha, intişari-fikir və tədbir üçün "Şərqi-Rus"un səhifələri açıq və vüsətli bir meydandır. Cümlənin gözəl və nəsihətamiz sözləri, hüsni-rəyləri və etiqadları cənab mühərrir tərəfindən kamali-məmnuniyyətlə qəbul olunur. Amma gərəkdir şəxsi qərəzlər və təmənnalar, yekçeşmilik və tərəfgirlik kənara qoyulsun. Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə gərəkdir dürüst təhqiq və tədqiq oluna və sonra çarə dalınca gedilə, və eyblərimizi açıb göstərməkdə qorxu və ictinab olunmaya. Büxl, həsəd, məniyyət və xudpəsəndlik ki, müsəlmanların nifaq və pərişanlığına böyük bir illətdir, gərək aramızdan götürülə və "İnnəməl-mömininə üxüvvətün" ayeyi-şərifəsi misdaqınca ittifaq və ittihad ki, mənbəyi-səadət və tərəqqidir, gərəkdir bir an və dəqiqə unudulmayıb, onun ziri-hökmündə olub, məzmununca səy və təlaş oluna…. Bu saf etiqad üzrə müstəhkəm var ikən "Tərcüman"ın axırkı nömrələri gəlib əlimizə keçdi və əhvalımızı pərişan eylədi. Cənab Qaspirinskinin bu vaxta kimi sükut edib, indi "Şərqi-Rus"u əvvəlcə təbrik və təhniyə edib dalınca irad tutması və qəzetəni oxuyanların nəzərində təyib və təxfif etməsi bizi ziyadə heyrət və təəccübə gətirdi. Bu gunə rəftardan cənab Qaspirinskinin muradı nə isə, əlbəttə, özü yaxşı bilir. Amma bizim anladığımıza [görə] bu qisim hərəkətə hər tərəfdən baxılsa baxılsın, burada təəssüfdən başqa söylənəsi bir söz yoxdur. Əgər o cənabın belə rəftarı, öz rəfiqinə rəqabət və hüsudlikdən naşı isə çox heyf! Millətin xadimləri nə qədər çox olsa bir o qədər yaxşıdır və Qaspirinski kimi maarifpərvər şəxsə bu sifət yaraşası sifət deyil. Yox, əgər o cənabın niyyəti öz həmsinfinin və qələm yoldaşının qüsurunu göstərib təshih olunmasını izhar etmək isə onda daha nə söyləyəlim. Burada o cənab kəmtəcrübəliyini büruzə vermişdir. Məgər ona məlum deyil ki, bu qisim kinayəli və acı məzmunlu nəsihət kimsədən qəbul olunmaz! Bu vazeh əmri cənab Qaspirinski gərək anlayıb fəhm edəydi və bunu yəqin biləydi ki, belə acı sözlər təzə qəzetənin müştərilərini azaldıb və onu oxuyanları şövq və həvəsdən salmaqdan başqa özgə bir səmər verməz. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın binövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb riyasətlik iddiasındadırlar. Çün qərəz aməd honər puşide şod, Səd hicab əz del besuye-dide şod, Çün dəhəd qazi bedel rüşvet qərar Key şonasəd zalim əz məzlumi-zar[1]. [1]Tərcüməsi: Qərəz meydana çıxanda hünərin üstü örtülür. Ürəkdən göxün önünə yüz pərdə çəkilir. Qazı ürəyində rüşvət almaq qərarına gəlsə, Zalımı biçarə məzlumdan necə ayıra bilər. * * * İrəvandan məktub Bu axır vaxtlardan bəri, demək olar ki, İrəvan müsəlmanları da cümbüş və hərəkətə gəlib, gözlərini qəflət yuxusundan açıb, insanlıq, elm və tərbiyə və təqəddümə hümmət etməkdədirlər. Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb, müsəlman balaları da sair mədəni millətlərin ətfalı təki təzə üsul ilə elm və ədəb təhsil edirlər. Onlar da köhnə məktəblərin adətinə münəkis quru həsirin və tozlu, yamaqlı palazın üstə oturmayıb, taxtalar (isqələlər) üstə əyləşirlər. Səhərdən axşama təki ağır havalı məktəbdə toz-torpağın içində təzə və cavan ömrlərini çürütməyib hər saatda 5–10 dəqiqə təsfiyyəyi-hava üçün dışarı çıxıb, oynayıb şad olurlar. Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur; amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir maehtiyacını düzəldələr. Burada bizim dövlət tərəfindən açılan mədrəsələrdə ülum və fünun kəsb edən müsəlman şagirdləri başqalarına nisbətən çox azdır. Və lakin az olsa da cümləsi qeyrətli, təəssüblü cavanlardır ki, öz işlərində və şüğllərində olub, aralarında ziyadə mehribançılıq və ittifaq vardır. Bu aprelin 4-də darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundovun "Məstəli şah" ünvanında tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynandı. Təklif olunan icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında afərin sədası göyə çıxıb üç-dörd dəfə pərdənin qalxmağını və oynayanların zühurə gəlməyini əl çalıb tələb edirdilər. "Məstəli şah"dan sonra "Könülsüz" ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. O dəxi hamının xoşuna gəldi. Məlum ola ki, "Könülsüz nikah"ı yazan darülmüəllimin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsəlman camaatı bir dərəcədə komediyadan razı qaldılar ki, dübarə təkrarına talib və xahişmənd oldular. Amma vaxtın təng olmağı və bu vaxtlarda darülmüəllimin imtahanlarının başlanmağı mane olub, onların xahiş və iltimasına əməl oluna bilmədi; gələn ildə 2–3 dəfə təsis və tərtibinə vədə olundu…. * * * İdarəyə məktub Müdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə.... * * * İranın oyanması (İranda konstitusiya elan edilməsi münasibətilə) On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz! Karvan uzaqlaşdıqdan və qaranlıq düşdükdən sonra səhranın vəhşi heyvanları hər tərəfdən dəvənin üstünə cumur və onu diri-diri parçalayırlar. Müqavimət göstərməyə əsla taqəti qalmayan, hətta yerindən belə qalxmağa qüdrəti olmayan bədbəxt heyvan inilti ilə böyürür və öz səsi ilə səhralarda hökm sürən sakitliyi pozur. Hazırda İranda da vəziyyət belədir. O, bəşəriyyətin fasiləsiz irəli gedən karvanından kənar düşmüş və təkmilləşməyə, inkişafa doğru yolunu davam etdirə bilmir. İndi bu müdafiəsiz, zəifləmiş ölkəni yırtıcı heyvanları xatırladan başqa dövlətlər parçalamaq istəyirlər. Bu söhbətdən beş il keçdikdən sonra naməlum bir müəllifin İran haqqında "Səyahətnaməyi-İbrahimbəy" adlı ifşaediçi bir əsəri meydana gəldi. Səlis ədəbi dildə yazılmış və Misirdə çap olunmuş bu əsər, İranın özündə olduğu kimi, kənarlarda da çox böyük təsir bağışladı. Kitab müasir İranın həyatı ilə, xüsusən, İran xalqının vəziyyəti və İran hökumətinin ona münasibəti ilə oxucuları tanış edirdi. Bu kitab bir daha bizdə belə bir əqidəni möhkəmlətdi ki, İran ən bədbəxt ölkədir və o, yaxın gələcəkdə mütləq məhv olacaqdır. Lakin görünür ki, bu müəmmalı Şərqdə xalqların taleyindən baş çıxarmaq qeyri-mümkündür. Təəccüblüdür ki, İranda indi qəribə hadisələr baş verməkdədir. Uzun müddət davam edən yuxudan sonra burada oyanma əlamətləri müşahidə edilir. Deyəsən, yorulmuş dəvə ayağa qalxmaq və karvana qoşulmaq istəyir. Fikir intibahı bütün ölkəni bürümüş və islahat işlərinə böyük meyl görünməkdədir. Xüsusən, İranda böyük təsir qüvvəsinə malik olan ruhanilər qorxulu əhvali-ruhiyyə keçirir. Hələ keçən əsrin 80-cı illərində İranın Londondakı keçmiş səfiri Mirzə Melkum xan ruhanilərin ölkədə qüvvətli təsirini hiss etdiyi üçün "Qanun"da İran müctəhidlərini o zamankı sədrəzəmin siyasətinə və bir sıra xarici dövlətlərin İranda qüvvətlənən təsirinə qarşı əlbir etiraz üçün fəal mübarizəyə çağırmışdı. Bu dövrdən iyirmi beş il keçmişdir. İndi ruhanilər dərk etmişlər ki, onların ən əsas vəzifəsi xalqın mənafeyini, onun ruhani və əxlaqi müstəqilliyini müdafiə etməkdən ibarətdir. Onlar müasir quruluşdan öz narazılıqlarını hamıdan əvvəl açıb söyləmiş, hətta öz etirazlarını şahın paytaxtında, Tehranda da bildirmişlər. Yerli əhali öz ruhani rəhbərlərinin səslərinə tam şərik olmuşdur. İki seyidin qətli və Tehrandan ruhanilərin sürgün edilməsi hərəkətin qabağını almadı, əksinə, daha da qüvvətləndirdi. Baş vəzirə qarşı düşmənçilik və nifrət daha da artdı və hər yerdə zalım Eynəlüddövləyə lənət oxumağa başladılar. Hökumət əleyhinə qalxmış və hər yerdə ruhanilər tərəfindən müdafiə edilən hərəkat çox sürətlə bütün ölkəyə yayıldı. Şahın Tehran ruhaniliyi nümayəndələrinin adına göndərdiyi fərmanından görünür ki, şah onun idarə etdiyi ölkə üçün təhlükə törədə biləcək bu hərəkatdan çox narahat olmuşdur. Fərmanda şah ciddi surətdə müctəhidləri -- öz sadiq bəndələrini təbəəlik vəzifələrini yerinə yetirməyə, sülhə və itaətə çağırır, eyni zamanda, söz verir ki, onların mənafeyini müdafiə etsin və ağıllı arzularını yerinə yetirsin. Məşriqi adlı birisi "İrşad" qəzetində Tehranda yayılmış bir intibahnamənin məzmununu nəql edir. Bu intibahnamə tehranlıların əhvali-ruhiyyəsini eyni ilə əks etdirir. Onun məzmunu belədir: İki nüfuzlu və məlumatlı xan arasında söhbət gedir. Onlardan biri soruşur, o birisi cavab verir: S u a l: Tehranda yenə nələr baş verir, nə üçün Eynəlüddövlə seyidləri edam və ruhaniləri sürgün etməyə hökm vermişdir? C a v a b: Görüm onu lənətə gəlsin, o özünü də, hökuməti də rüsvay elədi və öz inamsızlığını və daxili aləmini açıb göstərdi. Onun bu hərəkəti elə ruhanilər üçün çox əlverişlidir. Xalq bu vaxta qədər düşünürdü ki, o, müsəlmandır. İndi allaha şükür o, başa düşdü ki, Eynəlüddövlə müsəlman deyil, kafirdir; əks halda müqəddəs imamın qəbri üstündə peyğəmbər nəslinin qanını tökməzdi və ona məxsus olan kəndi güllə-baran etməzdi. S u a l: Bəs nə əcəb şah bu cür cinayətlərə yol verir? C a v a b: Ay qardaş, şah kimdir, bütün bunlar onun nə vecinədir. Məyər o bilir ki, ətrafında nələr baş verir, məyər bu şümrlər[1] (vəzirlər) qoyarlar ki, şah onun ölkəsində baş verən cinayətlərin ondan birini bilsin. [1] Təhqiredici sözdür. Şümr -- Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qatilidir. S u a l: Əgər şah bilmirsə onun dövlətində nələr olur, bəs onda onun gələcəkdə taleyi necə olacaqdır? C a v a b: Mən sizə sözün düzünü deyirəm: əgər işlər bu vəziyyətdə davam edərsə, onda çox çəkməz ki, nə İran qalar, nə də İran xalqı. Buna görə də mütləq xalq özü haqqında düşünməli və vaxtında özünə çarə tapmalıdır. Əks halda, bu satqın hakimlər ölkəni tamam məhv edəcəklər.... S u a l: Bəs İngiltərə konsulxanasında gizlənmiş tacirlərin, sənətkarların, tələbələrin və başqalarının xahişi nədən ibarətdir? C a v a b: Həm onların, həm də xalqın xahişi budur ki, şah taxt-taca və xalqa düşmən olan vəzirləri məhkəməyə vermək şərti ilə rədd eləsin, iki seyidin qatillərini lazımınca cəzalandırsın, həmçinin ruhaniləri lazımi ədəb-ərkanla Tehrana geri qaytarsın. Onların başqa xahişi budur ki, Tehranda xalq məclisi təşkil olunsun, burada işlər müqəddəs quranın tələbi, mənası və ruhuna uyğun şəkildə həll edilsin və beləliklə, xalqı acgöz hakimlərin cinayətlərindən və ədalətsizliyindən azad etsin.... Bütün bunlar göstərir ki, İranda xalq şüuru oyanır və İran xalqı yeni gözəl həyata qədəm qoyur. Lakin İranın ictimai xalq hərəkatı tarixində ən təsirli fakt -- indiyə qədər mütləqiyyətin mühafizəkar dayağı hesab edilən ruhaniliyin hərəkatda əsas qüvvə kimi iştirak etməsidir. İranda konstitusiya elan edilmişdir. Belə düşünmək olar ki, azad xalqın hüquqlarını cəsarətlə müdafiəyə qalxmış xalq zəkası bütün ölkəni geniş və aydın tərəqqi yoluna çıxaracaqdır. * * * Köçərilərin övza və əhvalı Əgər tarixə baxılsa və dilimizdə istemal olunan məsələlərə və atalar sözünə diqqət yetirilsə, biz Azərbaycan türklərinin bu axır vaxtadək köçəri halında zindəganlıq etməyi məlum olunar. Məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümləsindən ziyadə tərif və tövsif olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim sifətləri tərif olunur. Necə ki, ana şirin və dadlı dil ilə balasına lay-lay çalır, habelə də bizim tərəkəmə xalqı — qoyun becərənlər öz qoyunlarını mehriban və şirin dil ilə vəsf qılırlar. Təfavüt ancaq bundadır ki, ana övladını "balam" sözü ilə yad edir, amma qoyun sahibi qoyununu "nənəm" kəlməsi ilə oxşayır. Bundan aşkara görünür ki, tərəkəmə əhlinin güzəranı, eyş-işrəti, zövq-səfası, kef-damağı və rahat dolanacağı bilkülliyyə qoyunun salamat və bol olmağına münhəsirdir. Sayaçı sözlərini məxsusi bir kitabça tərzində çap etdirmək xəyalında varıq. Burada möhtərəm oxucuları filcümlə aşna etmək üçün o sözlərin bir neçə bəndini zikr qılmağa iktifa edirik: Nənəm, qoyunun qarası, Qırxlığı polad parası, Yaz günü dələməsi, Payızda görəməsi. Qış günü qovurması. Nənəm, o şişək qoyun, Yunu bir döşək qoyun. Bulamanı tez yetir, Bulamanı bol elə, Qırıldı uşaq qoyun! Nənəm, qumral tat qoyun, İldən-ilə art, qoyun. Balaların ölməkdədir, Olma gəl namərd, qoyun! Nənəm, o saçaq qoyun, Bərədən qaçaq qoyun, Sənə yaman baxanın Gözünə pıçaq, qoyun! Nənəm, o narış qoyun, Yunu bir qarış qoyun. Çoban səndən küsübdür, Südün ver, barış, qoyun! Qoyunlu evlər gördüm-- Qurulu yaya bənzər. Qoyunsuz evlər gördüm-- Qurumuş çaya bənzər. Bu minval neçə-neçə belə bəndlərdə sadə və açıq sözlər ilə babalarımız qoyunu tərif edib, onu öz evlərinin bəzəyi və dolanacaqlarının dirəyi məqamında tutublar. Atalar sözünə gəldikdə, qoyundan hasil olan xeyir və bərəkətə dair çox timsallar var. Necə ki, deyilibdir: "Qoyunun oldu əlli, adın oldu bəlli". Adı "bəlli" olmaq, yəni el və oba içində dövlət sarıdan şöhrət tapıb, dillərdə adı söylənmək deməkdir. "Qoyunun oldu yüz, gir içində üz". Yəni yüz qoyundan o qədər dövlət və bərəkət yetişir ki, onun içinə girib üzmək olar. Qoyunsuz evləri babalarımız qurumuş çaya bənzədib, qoyunlu evləri qurulmuş yaya təşbih ediblər. Sayaçı sözlərinin bir parasında qoyuna xitabən deyilir: "Yiyən sənin ucundan çıxıbdır köşkə, qoyun"; yainki: "Yiyən sənin ucundan gətirib gəlin, qoyun"; və yainki: "Yiyən sənin ucundan bağlayıb kəmər, qoyun". Söz yoxdur ki, köşkə çıxmaq, gəlin gətirmək və kəmər bağlamaq dövlət nişanəsidir, varlılıq və bolluq əlamətidir. Və lakin müruri-əyyam ilə ehtiyac və qara gün artıbdır. Babalarımız tək heyvan saxlamaq ilə güzəran edə bilməyib, əkinçiliyə, bağçılığa və bostançılığa qurşanıb, yavaş-yavaş köçəri ikən yerli olublar, təkcə heyvan saxlamağa qane olmayıb, bəyəndikləri meyvəbitirici və barverici sulu yerlərdə özlərinə daimi yurd və məskən salıb oturaq olublar. Ziraətdən maəda alverə, ticarətə və bir para peşə və sənətlərə girişib, mürəffə-hal güzəran ediblər. Elm, mərifət və mədəniyyət cəhətincə dəxi bunlar köçərilərdən xeyli irəli gediblər. Amma bilmək gərəkdir ki, bu halda sırf tərəkəməlik edən, yəni ancaq mal və qoyun saxlamaq ilə köçəri halında dirilik edən bizim içimizdə az tapılar. İndi tərəkəmələrimiz də yarıməkinçi və yarımtərəkəmə olublar. Əgər bu yarımtərəkəməlik edənlərin də olduqları yurd və məskən ab-hava cəhətincə mötədil və salamat olsa idi və yay fəslində onda şiddətli isti və bir para insana əziyyət yetirən mığ-mığ kimi milçəklər və sair həşərat olmasa idi, bilaşübhə onların təmamisi imdiyə kimi oturaq olmuşdu. Amma bir yandan havanın istisi, bir yandan suyun qəhətliyi və qəlizliyi və digər bir tərəfdən insanın ən qatı düşməni olan və hər dəqiqədə başına və gözünə, əlinə və üzünə zəhralud nişlər vuran mığ-mığ kimi həşərat və cücülərin hücumu bizim aranzəmin xalqını hökmən məcbur edir ki, öz heyvanları ilə bir yerdə başlarını götürüb, sərin yerlərə və göy yaylaqların başına köçsünlər. Bizim əqidəmizcə, əgər yay fəslində tərəkəmə xalqı yaylağa keçməzsə, bir az vaxtın müddətində tamamisi malyariya kimi qisim-qisim əlac qəbul etməyən mərəzlərin çəngində fövt olub qurtarar. Köçərilik onların özlərini və heyvanlarını ölümdən qurtarır desək, səhv etmiş olmarıq. Bu axır vaxtlarda mədəniyyətli tayfalar dəxi bir növ köçəri olublar. Köçərilik adəti tərəkəmələrdən və yarımvəhşilik halında güzəran edən qaraçılardan şəhər əhlinə sirayət etməkdədir və bu adət get-gedə kök salıb qüvvət tapır. Belə ki, Avropanın mədəniyyətli qövm və millətləri dəxi köçərilik binasını qoyub, yay fəslində bir yerdə oturmayırlar və artıq şövq ilə təmiz ab-havalı yerlərə köçüb, orada istirahət edirlər və yainki görmədikləri yerləri və uzaq diyar və məmləkətləri gəzib, hər yerdən və hər ölkədən xeyli məlumat, bilik və təcrübə kəsb edirlər. Necə ki, bəzi quşların və bir para heyvanatın təbiətlərində yaranışdan ilin mövsümünə müvafiq nəqli-məkan hissi qoyulubdur və heç bir vəchlə bu hissə məmaniət etmək mümkün deyil, habelə bəni-növi-bəşərin dəxi təbiətində bu hissin varlığı müşahidə olunur. Az adam tapılar ki, səyahət etməyə, gəzib zövq və səfa sürməyə, təğyiri-hava və təbdili-məkan etməyə meyl və rəğbət göstərməsin. Təğyiri-hava və təbdili-məkan insanın səhhət və salamatlığına ən doğru və müqtədir əsbablardan birisi hesab olduğunu Avropa əhli kamalınca düşünüb, vaxtlarını müttəsil cünbüş və hərəkətdə, seyr və səyahətdə keçirirlər. Necə ki, su bir yerdə qalanda qoxuyar və hava bir məkanda boğulub hərəkətsiz duranda ağırlaşar, habelə insan da hərəkətsiz qaldıqda, seyr və səyahətdən bixəbər olub, bir məkanda və bir övzada zindəganlıq etdikdə hər bir cəhətdən aciz, zəif, elmsiz, bacarıqsız və qorxaq olur. Hər bir amerikalı və hər bir ingilis övqatını müttəsil səyahətdə keçirdiyinə görə bütün dünyanı öz vətəni, öz mülkü və öz torpağı hesab edir. Firəng və ya ingilis bizim öz şəhərimizdə bizdən cürətli olur, amma biz öz evimizdə qorxaq və ehtiyatlı oluruq. Bir irəvanlı Gəncə şəhərinə gələndə özünü qərib hesab edir, habelə gəncəli də özünü Nuxada, Şamaxıda və Salyanda qərib adlandırır və beş-on gün öz qohum-əqrəbasından və dost-aşnasından kağız gəlməyəndə və yainki işi bir azacıq düz gətirməyəndə üzünü vətənə sarı tutub, bu qisim bayatılardan oxuyub, könlünü daha da pərişan və qəmgin edir: Bu sular mələr gələr, Dağları dələr gələr. Qərib eldə olanın Başına nələr gələr. Söz yoxdur ki, vətən şirindir. Amma vətən bir anadan olduğumuz ev, məhəllə, şəhər və ya kənd deyil vətən geniş və vüsətli bir diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı üçün əziz və mübarəkdir. Bunu dürüst düşündükdə biz qafqazlılara Qafqazın hər bir məhəllə və mövqeyi vətəndir desək, səhv olmaz. Əsil mətləbə müraciət edək. Bu axır vaxtlarda yaylaq (daça) məsələsi cümlənin diqqətini cəlb edibdir. Hər yerdə təmiz ab-havalı məhəll və məkanlar artıq ciddi-cəhd ilə tutulub və küllü xərc ilə abad olunmaqdadır. Məzkur məkanlarda qəşəng evlər tikilir, gözəl bağçalar salınır, saf sular gətirilir, yollar açılır və can rahatlığına bais olan əşya və tədarüklərin cümləsi düzəlib fərahəm olunur. Mədəniyyətli tayfalar hər bir nəhv ilə çalışırlar ki, öz zindəganlıqlarını xoş və rahat keçirsinlər. Amma biz müsəlman tayfası rahatlığa çalışmırıq. Bizim qanacağımıza görə, "dünya beş gündür, beşi də qara gündür"; məişətimizin tərzi-övzai yaxşılığa mübəddəl ola bilməz. Yaxşı-yaman bir tövr dolanmağı və gün keçirməyi özümüzə bir hünər hesab edirik. Əlimizdə olan gözəl yaylaqların, təmiz havalı və şirin çeşməli yurdların və məkanların qədr və qiymətini bilmirik, onlar bir-bir əlimizdən çıxır…. Biz çoxlarını gəzib görmüşük. Mədən sularının nəf və faydasını inkar etməyib, bununla belə kamali-cürətlə deyə bilərik ki, Zaqafqaziyanın hənuz "kultura" dəyməmiş çox yerləri var ki, yuxarıda sadaladığım yerlərin cümləsindən ab-hava cəhətincə artıqdır. Qarabağ eylatı çıxan dağların, Qazax əhalisi köçdüyü yaylaqların və İrəvan quberniyasında Ələcəz dağlarının o qədər gözəl, könülaçan və ruhtəzələyən xoş hava və basəfa yerləri var ki, yer üzündə onların misl və bərabəri yoxdur. Kars yolunda Sadıqlı stansiyasından tutmuş Qarakilsəyə kimi o qədər həm dəhşətli və heyrətəngiz və həm könülaçan və fərəhgətirən mənzərələr var ki, Avropanı gəzib görənlər onları Şvetsariya dağlarına tərcih verirlər…. Yalnız Dilicanın qərbi-cənubunda olan Həmzəçəmən gözəllikdə və səfada, demək olar ki, yer üzünün behiştidir və Rusiyada olan kurortların təmamisindən artıqdır. Onda olan soyuq və dadlı sular, əlvan çiçəklər, müəttər otlar rübi-məskunun bəlkə az-az yerlərdə tapılar. Qazax şairləri mərhum Kazım ağa Salik və qüfrani-pənah Mustafa ağa Arif hər birisi bir dil ilə Həmzəçəmənin gözəlliyini və səfasını mədh və tərif ediblər. Mərhum Arif Rusiyada əsirvar zillət və həqarət içrə zindəganlıq etdiyi vaxtlarda aşağıda yazılan sözlərlə gözəl yaylaqları və öz elin-obasın yad edib, gözlərindən qanlı yaşlar tökərmiş: Sərçeşməli, neylufərli bulaqlar, Susənli, sünbüllü, laləli dağlar, Dumanlı, çiskinli, qarlı yaylaqlar, Hanı bizim o meydanlar, ağlaram! Ellərimiz vardır bəyli, paşalı, Dağlarımız vardır əlvan meşəli, Susənli, sünbüllü, tər bənəfşəli, Qaldı bağlar, xiyabanlar ağlaram…. Bu halda əmri-məaş çətinliyə düşdüyünə görə arandan dağa və dağdan arana köçmək vaxtı irəliki əyyama nisbətən xeyli təngləşibdir. Keçmişdə, iyirmi-otuz il bundan müqəddəm tərəkəmə xalqı novruz bayramından sonra köçmək qeydinə düşüb, köç-döşə lazım olan əsbab və alatı düzəldib hazırlamağa məşğul olurdu. Əkin-biçin ilə çəndan əlaqəsi yox idi. Elə ki, günün hərarəti şiddətlənib canlıya və cansıza əsər edirdi: Sayan yağış yağanda, Sarmaşıq ot bitəndə, Quzu tələkə tutanda, Keçi irtmək atanda -- köçərilər arandan yaylaqlara tərəf hərəkət edirdilər və orada soyuq düşənə kimi, hətta bəzi yerlərdə qar yağanacan, yəni payızdan da bir ay keçəndə qışlaqlarına qayıdırdılar. Bu vaxtlarda aranın da havası sınıb, yumşaq və mötədil olurdu. Onun istisi heyvana və insana çəndan əsər etmirdi. O vaxtlarda dağdan gələn adamların rəngi qırmızıdan da ötüb, bənəfş çalırdı. Qoyunlar o qədər kökəlirdi ki, quyruqlarını çəkib apara bilmirdilər. At və sığır mal dərisinə sığmırdı. Bununla belə, el-oba yenə həsrət ilə yaylaqdan ayrılırdı və hali-dilini bu bayatı ilə bildirirdi: Dağlar marala qaldı, Otu sarala qaldı, Soyuq bulaq, göy yaylaq Yenə marala qaldı. O vaxt dağ adamlarının qara qızdırmadan və indi modnı naxoşluq olan malyariyadan xəbərləri yox idi və bu qədər canlar onun çəngində fövtə getmirdi. Amma indi, necə ki, sabiqdə zikr olundu, əsil tərəkəməçilik götürülübdür. İndi tərəkəmələr yarıəkinçi və yarıköçəri olublar. Ziraətləri artıb çoxaldığına görə uzun müddət əlaqələrini arandan kəsə bilmirlər. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə, əlsiz-ayaqsızlardan, kasıb-kusublardan elələri də olur ki, bütün yayı aranda keçirib, el dağdan enməyə beş-on gün qalmış var-yoxunu bir öküzünə yükləyib və balalarının əlindən tutub, yaxında olan dağların ətəyinə çıxır ki, heç olmasa bir neçə günə havasını dəyişdirib sərin su içsin. Quyruq doğandan sonra əgərçi hava bir az sınır və milçək azalır, amma bununla belə aranda yenə şiddətli istilər keçir və avqust ayı bizim camaat arasında "qora pişirən ayı" adı ilə məşhurdur. Bu ayda xeyli mərəzlər dəxi törəyir. El-oba bir tərəfdən sərin sulardan və səfalı yaylaqlardan həsrət ilə ayrılırsa da, bir tərəfdən də hər bir oba hamıdan tez özünü arana--yəni odun və yalovun içinə salmağa tələsir. Belə sürət və əcələ ilə arana köçməyin səbəbləri çox isə də, ümdəsi bir oba və şənliyin o biri şənliyə etibarı olmadığıdır, qonşunun qonşudan qorxu və ehtiyat etməyidir. Çünki kərrat ilə görünüb təcrübə olunubdur ki, hansı kəndin şənliyi arana tez enirsə öz qonşuluğunda olan el-obanın qoruğunu malına basdırıb, büxl və həsəd ucundan və yainki oğurluqdan və dələduzluqdan taxılını xəlvət daşıyır, ot taylarını və dam-daşını yandırır, bağını, bostanını tələf edir. Bizim camaatda özgənin malına və canına qəsd etməmək, özgənin əməyini itirməmək və zəhmətinin hasilə yetmiş meyvəsini zaye etməmək hissi ayılmayıbdır. Qonşu qonşunun xeyir və səlahını, nəf və faydasını gözləmədiyi halda, bir-birinə düşmən və yağı olur və bir-birinə zərər və ziyan yetirməyi həccə getməkdən artıq və əfzəl bilir. Əgər bu vəhşilik və xəyanət olmasa hər bir mahalın elatı darda daha da artıq qalıb, oranın ab-havası ilə özləri və otu ilə malları və qoyunları mənfəətbərdar olardı və aranın otlağı da ilin axırına kimi heyvanlara kifayət edərdi və onlar da qışda aclıqdan tələf olmazdı; özləri də malyariyadan xilas olub, vaxtsız və əcəlsiz dünyadan getməzlərdi. Bu bəlaların və fəlakətlərin tamamisi bizim camaatımıza avamlıqdan və anlaqsızlıqdan yetişir ki, avamlıq özü böyük bir mərəzdir. Ən əvvəl ona bir çarə tapmaq lazımdır. Tamam Qazax uyezdinin xalqı, demək olar ki, köçəridir. İyul ayının axırında Dilicanın ətrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxta dolur Dilican dərəsinə. Beş-altı sənə bundan qabaq hər kənd və şənliyin özlərinə məxsus dağ yolları var idi ki, yollarla dağa və arana köçürdülər. Amma indi erməni-müsəlman davasından bəridir ki, Qazax mahalının əhalisi öz köç-döşlərini "dərə yolu" ilə salıblar. Bu yol ibarətdir şosa yoldan ki, Ağstafadan başlanıb, Gömrüyə və Karsa kimi gedir. Avqustun əvvəllərinə bir-iki gün qalmış el tərpənir. Yüz minə kimi camaat bir vaxtda öz külli mali-məvaşiləri ilə dolurlar Dilican dərəsinə, köçün başı Uzuntalaya və Ağstafaya yetişəndə ayağı Qarakilsədə hərəkət edir. Qarakilsə ilə Ağstafanın arası yüz verstdən ziyadədir. Bu yüz verstlik yolu o tay-bu tay tuturlar. Köç köçə dayanıb iki qatar gedir. Bu əsnada Dilican dərəsində bir küy və qalmaqal, bir bağırtı və çığırtı qalxır ki, guya həşr-nəşr başlayıb qiyamət qopur. Böyük kiçiyə, arvad uşağa, qoyun, keçi, at, eşşək və qaramal bir-birinə qarışıb, ağız dediyini qulaq eşitmir, hər heyvandan bir cürə səda gəlir. Bu köç-döşün büsatını mərhum Əhməd bəy Cavanşir özünün bir çox baməzə hekayələrində artıq məharətli nəzmə çəkibdir. Onlardan "Xoca-xoca və çalağan" hekayəsinə baxmalıdır. Elatın bu minval tələsik, bir-birini basa-basa arana köç etdiyi əsnada nə qədər maddi zərər və ziyana düçar olduğunu yazsaq çox uzun çəkər…. Divan əmələsi və mal həkimləri "keçi suyu bulandırdı" bəhanəsi ilə yazıq tərəkəmələrdən o qədər xilafi-zakon xərc və ştraflar alırlar ki, təsəvvürə gələsi deyil. Allah əvvəlkilərə insaf və axırkılara səbir versin. * * * Milli bayram Budur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik. Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə. Keçən sənədə sentyabrın 7-də knyaz İlya Çavçavadzenin təşyiyi-cənazəsində olub, gürcülərin mütəvəffi ədiblərinə göstərdiyi ehtiramı da gördük. Bu qisim ehtiramı və bu sayaq təziyədarlığı, belə ittihad və ittifaqı bu vaxta kimi biz bir kəsin haqqında görməmişdik. Cəmi Gürcüstan, demək olardı ki, böyük bir hüzn və qəmə, intəhasız bir yasa düçar olub öz şairlərinin cəsədi ilə belə ruhani zindəganlıqlarının mayəsini hazırlaşdırdılar ki, qara torpağın altında dəfn etsinlər. Gürcüstanın hər yerindən: uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən deputatlar Tiflis şəhərinə cəm olub, hər biri bir növlə izhari-təəssüf və zar-təzərrö edirdilər. Əkinçidən tutmuş ərbabi-qələmə kimi, rəiyyətdən knyazlaracan, fəqir-füqəradan sərvət və dövlət əhlinədək, hər qisim sənətkar və əsnaflardan, şagirdlərdən, müəllimlərdən, qara camaatdan, ruhanilərdən, müəllimə və mütəəllimələrdən, hər bir firqə və partiyalardan, sahibi-mənsəblərdən, mütəəddid dəftərxana çinovniklərindən iki yüzəcən venoklar mühəyya olunub, hər firqənin vəkili öz venokunu məhzun və qəmgin bir halət üzrə təşyiyi-cənazədə apardılar. Gürcü qəzetə və jurnalları başdan ayağa hüznavər və ənduhsirişt məqalələrlə dolmuş idi. Hər yazıçı bir dil ilə, hər şair bir növhə və təranə ilə yetmiş sinnində məqtul olunmuş ədiblərini oxşayırdı.... Aya, biz Azərbaycan türklərinin sereteliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mətəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir. Bu vaxtadək nə Qasımbəy Zakirin və nə Hacı Seyid Əzim Şirvaninin tərcümeyi-halları və əşari-asarı kamalınca öyrənilməyibdir. Bu qəflət və kəmetinalıq bizim hala cəhalət və kəsalət içrə yaşayıb qalmağımıza böyük bir sübutdur. İndiyə kimi Qasımbəy Zakirin əsərlərindən Adolf Berjenin Leypsiqdə təb olunmuş məcmuəsinə daxil olan nəviştəcat və bəzi qəzəliyyatdan başqa birisi də çap olunmayıbdır. Hacı Seyid Əzimin əsərlərindən bir parası çap olunubsa da, bir çoxu dəxi təb və nəşr olunmayıbdır. Çap olunanları dəxi xeyli biqayda və bisəliqə tərtib olunubdur. Əsla lüzumiyyəti olmayan və təqazayi-zəmanayə müvafiq gəlməyən əsərlər məcmuəyə daxil olduğu [halda], ziyadə əhəmiyyətli və lazımlıları unudulub kitaba salınmayıbdır. Nəstəliq xətti ilə Ünsizadənin mətbəəsində çap olunmuş kitabda həddən ziyadə səhv və qələtlər vardır, kitabın kağızı alçaq və cod olmağa görə bəzi yerləri bir sayaq qarışıq və bulaşıq xətlə çap olubdur ki, düz oxunması savad əhlinə dəxi müyəssər deyil. Budur bizim əvvəlinci şairimizin, milli ədibimizin və mayeyi-fəxrimiz olan Seyidin əsərlərinə və ya digərlərinə olan hörmət və ehtiram. Bizim yəqinimizdir ki, əgər Hacı Seyid Əzim kimi şair, Avropa əhlini hələ kənarda qoyaq, bizim qonşularımız erməni və gürcü tayfalarının içində vücuda gəlmiş olsa idi, onun əsərləri kərrat ilə çapdan çıxıb, oxucular arasında bir dərəcədə intişar bulmuşdu ki, uşaqdan böyüyə kimi cümləsi onları oxuyub əksəriyyəti əzbərdən bilərdilər. Budur, beş ildən ziyadədir ki, biz fəqir milli şairlərimizin tərcümeyi-hallarına dair əhvalat yığmağa çalışırıq, kifayətincə məlumat cəm etmək bacarmadıq. Hacı Seyid Əzimin, Abdulla bəy Asinin və mərhum Mirzə Fətəli Axundovun vəfatlarına gəldikdə bunların haqqında izhar olunan bietinalığı və bir dərəcədə biədəbliyi dilə gətirməsək yaxşıdır.... Ancaq mayeyi-təsəllimiz bu ola bilər ki, ədiblərimizin qədr və qiyməti öz vaxtlarında və bu halda bilinməsə də gələcəkdə qəflət yuxusundan ayılmış millətimizin zirək və qədrşünas balaları bilərlər və onların nam və şöhrətini uca məqama qalxızarlar və bu unudulmuş əsərlərini intişar etməklə adlarını zində qılarlar. Çünki bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. Farsların Sədi və Hafizi diri qalan kimi bizlərin də Zakiri, Seyidi, Nəbatisi, Saliki, Arifi, Fəqiri, Kamisi gərək diri qalsınlar. Mərhum Hacı Seyid Əzimin bu beyti ki, onun qəbr daşına yazılıbdır, bizim arzunun gələcəkdə nəticə-bəxş olunmasına şəhadət verir: Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim! Əlbəttə, bizim də milli bayramımız olacaqdır! * * * Məişətimizə dair 1 İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?... Şayani-təəccüb budur ki, hürriyyət tərəfdarları hər yerdən artıq Azərbaycanın mərkəzi olan Təbriz şəhərində tapıldı. O Təbrizdə ki, neçə sənə bundan irəli məşhur İbrahimbəy öz "Səyahətnamə"sində onun əhalisini məqami-tənqidə qoyub, olmazın pozğun sifətləri və qəbih əməlləri onlara isnad vermişdi; o Təbrizdə ki, İbrahimbəydən əvvəl mərhum Abbasquluağa Bakıxanov Qüdsi təxəllüs onun xalqını daha da bədtər həcv qılıb, onda adam nəzərə gəlmədiyini bəyan etmişdir: Nə qədər seyr elədim kuçə ilə bazarı,-- Adəm çox az görünür, izdiham kəsrətdir. İndi haman Təbrizdə hər yerdən artıq hürriyyət və azadlığın qədri bilinib, onun yolunda qanlar tökülür və canlar fəda olunur. Beş-on il bundan qabaq həcv olunan Təbriz indi mədh olunur. Hürriyyətpərəst müsəlmanlar millət bahaduru Səttarxanı tərif və təhsin edirlər. Hürriyyətpərəst xaricilər onun sağlığına qədəhfərş olmaqdadırlar.... Osmanlıya gəldikdə, burada dəxi məşrutiyyət verilir ki, bu dəxi heç kəsin yuxusuna gəlməz bir vaqiə idi. Hər kəs soltan Əbdülhəmid həzrətləri tutduğu məsləki və işlətdiyi politikanı nəzərə alsa, bizim sözümüzü təsdiq edər. Burada dəxi hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi iğtişaş və fəsadlar vüquə gəlməkdədir. Qərəz, hər yerdə böyük təğyirat və təbəddülat müşahidə olunmaqdadır. Burada Şeyx Sədinin əsrində türklərin hücumundan nəşət edən şuluqluq və inqilab yadıma düşdü. Birun rəftəm əz nəngi-türkan ke didim, Cəhan dərhəm oftad çun muyi-zənci[1]. [1] Tərcüməsi: Türklərin arından qaçdım, (çünki) gördüm ki, dünya zəncinin tükü kimi dolaşibdir. Bu müddətin ərzində aləmi-islamda vüquə gələn işlərə biz kənardan tamaşaçı olduq. Qələmimiz paslandı, mürəkkəbimiz qurudu və kağızımız toz altında qalmaqdan saraldı. Bir tərəfdən aləmi-islamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. Qeyri bir tərəfdən öz məişətimizə baxıb, onun irəliki halı ilə köhnə dəyirmanın çürümüş çarxı kimi ağır və ahəstə və bir qayda üzrə dolanmasını görüb, məlul və məhzun olduq. Yenə sabiq qərar üzrə biçarə millətimiz cəhalət və nadanlıq qaranlığında zəbun və sərgərdan qalmışdır. İşıqlı dünyadan onun xəbəri yoxdur. Uzun müddət qaranlıqda güzəran etdiyi üçün qaranlığa adətkərdə olmuşdur və işığa çıxmağa meyl və rəğbət göstərmir, guya işığa onun heç ehtiyacı yoxdur. Belə qaranlıq aləmində yaşayan qövm və tayfanın, əlbəttə, işləri də qaranlıq, fəna və əhəmiyyətsiz olacaqdır. Burada hər kəs öz xırdaca işlərinin dalınca olub beş günlük ömürləri üçün qüvvəti-layəmut cəm etməkdədir və bu yolda cümlənin səyi və təlaşı, hümmət və qeyrəti biri-birini aldatmaq, biri-birinə tor qurmaq və biri-birinin qanını sormaqdır. Ümumi qaydaya müvafiq, söz yoxdur ki, güclü gücsüzə qalib gəlir, dərisi soyulan və qanı sorulan qara rəiyyət tayfası olur; yəni o sinif olur ki, onun elmi və biliyi və təcrübəsi vəhşilərə və qan soranlara nisbət azdır, hansılar ki, avam və sadədil olduqlarına görə tez tora düşür. Əlli-altmış sənə bundan müqəddəm mərhum Qasımbəy Zakirin vaxtında rəiyyət tayfasına olan bidadlıq, zülm və təcavüz indi də o qərar üzrə icra olunmaqdadır. Bu hürriyyət əsrində belə ədalətsizliyə baxdıqda ürəyimiz qan ilə dolur və daha artıq sükunəti-ixtiyar etməyə tab gətirməyib, qələmə əl uzadırıq. Həqiqətdə bizim diriliyimiz, mayeyi-həyatımız və eyş-işrətimiz bu qara rəiyyət adlanan güruhun pürməşəqqət zəhmətinə bağlıdır. Bunlar bizə maddi tərəfdən rahatlıq, əmniyyət və asayiş verdikləri kimi, zindəganlığımıza lazım olan mayehtiyacı mühəyya qıldıqları kimi, biz də əvəzində borcluyuq ki, bunlara ruhaniyyət və mənəviyyat cəhətincə qulluq edək, bunların haqqında olunan zülm və sitəmi dəf edək, ruhlarının və ağıllarının tərəqqi və tərbiyəsinə sərfi-hümmət göstərək. Amma mətəəssüf öz borclarımızı nəinki layiqincə əda etmirik, hətta küfrannemət izhar edib, sağmal inəyimizin boğazına pıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik. Zakir öz əsrində rəiyyət tayfasını çapıb talan edən firqələri kəlamında tədad edib, əvvəlinci mərtəbədə ruhani sinfini qoyur və onların haqqında çox danışıqdan sonra mühəssili-kəlamda deyir: Vaiz bizə oxur şəri-Mustafa, Hərama mürtəkib olmayın əsla, Özü lüm-lüm udar batində, əmma Zahirdə dediyi mənayə bir bax. Bundan aşkar görünür ki, millətin ruhani ataları -- mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş və şəriətin hökmünü pozan ən əvvəl özləri olurmuş. Bu qisim mollalar ola bilər ki, Zakirin vaxtında artıq imiş, amma onların toxumu kəsilməyibdir. Bizim vaxtımızda dəxi az deyil. Şair ikinci mərtəbədə divan əmələsini qoyub, onların barəsində də xeyli danışdıqdan sonra deyir: Dolanır bazarı darğa, kvartal, Döyülür sifətlər, yolunur saqqal, Gecə get cibinə beş-on manat sal, Gündüz gəlib nırxa, bahayə bir bax. Və özgə bir yerdə nəticəyi-kəlamda deyir: Divan demə hərgiz buna kim, adəti-candır, Bir mən demədim nola ki, məşhuri-cahandır. Zakirin vaxtında divan əhli sifətləri döyüb və saqqalları yolmaqla ciblərini doldururmuşlarsa, bizim vaxtımızda dəxi geri qalmırlar və bəlkə xilafi-zakon işlər ilə keçmiş divan əhlinə bizimkilər rəhmət oxutdurur. Bu noyabrın 7 və 8-ci günlərində südebni palatın şöbəsi Gəncədə ağa pristavların: Bəhram bəy Cavanşirin, İvan Yaralovun, Andriyan Parfiyenkonun və Mixail Parçinskinin xilafi-zakon işlərinə baxıb, hər birisini öz cəzasını çəkməyə tənbeh qərar qoymuşdur. Pristav ağaların xilafi-zakon işləri rüşvət almaq və adam döymək olubdur. Hər yerdə döyülən və rüşvət alınan müsəlman olubdur. Əlbəttə, bu əsrdə müsəlmandan başqa rüşvət verməyi və döyülməyi heç bir millət özünə qəbul etməz. Bu cənablardan intiqam və qisas almaq üçün Mixail Parçinski Zəngəzur uyezdində Məşədi Abdulla Məşədi Allahverdi oğlunu və Allahqulu Həzrətqulu oğlunu kəndir ilə boyunlarından ağaca sarıtdırıb və çıplaq soyundurub, dal tərəflərinə qamçı ilə o ki var döydürübdür. Və rüşvət almağının da hesabı yoxdur. Doğrusu ki, Parçinski kimi əxlaqsız və dəni bir adamın müsəlmanların haqqında göstərdiyi zülm və intiqam bizi ürəkdən incitdi. Parçinskinin kim və nə əməlin sahibi olduğunu İrəvan müsəlmanları yaxşı tanıyırlar. O intiqamın nədən nəşət etdiyini zaiqəyə tapşırsınlar. Budur bizim müsəlmanların halı.... Gələcəkdəki məqaləmizdə mərhum Qasımbəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən sair firqələrin barəsində yazdığı şerlərdən danışıb əsil mətləbə keçəcəyik. 2 Qarabağın şairi-binəziri mərhum Qasımbəy Zakir kənd əhlinin qanını sorub, malını insafsızca qarət edənlərin cümləsindən üçüncü məqamda alış-veriş adamlarını və tüccar sinfini qoyub, onların vəsfində deyir: Səhra mərdümünü şəhr əhli görcək Yalvarıb, yapışıb oturdur çömlək. Beş arşında sürüşdürür üç çərək, Tacirə seyr eylə, sövdayə bir bax. Baqqal qoyar tərəziyə imanın, Əsəl qiymətinə satar ayranın, Qudurmuş it kimi dalar hər yanın, Deyər yoxdur Ali-əbayə bir bax. Söz yoxdur ki, alış-veriş əhli və tüccar qismi təbiətlərinin təqazasına görə, hər millətin içində olacaq olsun, bir növ tamahkar, həris və xəsis olurlar və öz mallarını baha qiymətə satmaq üçün yüz cür fən və əməllər işlədirlər. Bu yolda xaricilər arasında bizimkilərə səbqət edənlər az deyil. Təfavüq ancaq bundadır ki, bizim tüccarlar mərhum Mirzə Fətəlinin Hacı Qarası kimi aciz, qorxaq və kəmcürət olub, məhz öz yaxın qonşularını, din qardaşlarını və ətraflarında olan əlsiz-ayaqsız, kasıb və yoxsul kənd əhlini soymağa iktifa edirlər və beş arşın çürük bezlərini satmaq üçün on dəfə peyğəmbərə, imama və getdikləri həccə and içirlər. Və bu qisim insafdan dişarı və xilafi-şər yolu ilə təhsil qıldıqları dövlətdən axırda nə özləri bəhrədar olurlar və nə də qeyrilərə, yəni soyulanlara bir mənfəət yetişir, "Yel ilə gələn, sel ilə gedir". Əksər övqat haciyi-qeyri-nacinin dövləti Hacı Qaranın dövləti kimi hədər gedir. Amma sair millətin alış-veriş adamları bizimkilərə oxşamır: onlar işlərini bünövrəli və əsaslı götürüb, mal ilə mətahlarını qeyri tayfalar arasında intişar etməyə səy qılırlar və bu nəhvləri ilə mal və dövləti dəxi özgə millətlərdən qazanıb, lazım olan məqamlarda öz millətlərinin xeyrinə və rəfi-ehtiyacına sərf edirlər. Erməni tayfasının cəmiyyəti-xeyriyyələrinə erməni tüccar və bəzirganının kassalarından on minlərcə və yüz minlərcə pul daxil olmasına gərək şübhə olunmasın. Sövdagər və alış-veriş əhlinin zəmmindən sonra şair xanzadə və nücəba sinfinə ətfi-kəlam edib, onların əleyhində yazır: Həddən aşıb bu viladə şərarət, Hər kim bir iş görə puluna minnət. Mu qədəri yoxdur ədlü ədalət, Və lakin şöhrəti-bicayə bir bax. Böyüklərin işi deyil deməli, Dənidən betərdir felü əməli, Belə görməmişdik bundan əzəli, İndi karü bari-rüsvayə bir bax. Xanzadələr şişə taxar rəyəti, Özlərinin deyil malü dövləti, Oda təpər harda düşsə fürsəti, Mujikə seyr eylə, ağayə bir bax. Palajenya nəqli ta olub möhkəm; Gərək bəy azalda zülmün dəmadəm, Dəxi də artırar bu əhli-biqəm, Yanında çalınan zurnayə bir bax. Piranəsərlikdə mən oldum rüsva, Düzəlmədi işlər, cana yetdim ta, Gör nə oyun tutdu, əzizim Mirza, Zakira, təqdiri-qəzayə bir bax. Zakir özü Qarabağın xass-xalis nücəbalarından ola-ola öz həmsinfinin ayıb və qüsurunu belə açıq mərdanə və şairanə söyləməyi, əlbəttə, şayani-təhsindir. İmperator Aleksandr sani 1861-ci ildə fevral ayının 19-cu günündə verdiyi fərmani-hümayunu ilə Rusiyada olan cəmi rəiyyət tayfasını mülkədar ağaların cövr və sitəmindən xilas elədi. Bu fərmanın zühuru ilə əlli-altmış milyon rus əkinçilərinin üstünə guya təzə bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada olan rəiyyətləri haqqında dəxi təzə polojeniya qərardad olundu. Bu polojeniyanın hökmüncə bizim ağaların bir para həddi-təcavüz edən ixtiyarları geri alınıb, zülm və təəddi əlləri qısalandı. Hər iki sinfin mabeynində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. Və lakin Zaqafqaziyanın sair yerlərində polojeniyanın hökmünə az-çox əməl olunursa da, bizim yerdə olunmadı. Necə ki, Zakir yazır: Polojeniya hökmü sadir olandan sonra zülm etməyə metad olan "bu qövmi-biqəm" dəxi də öz zülmlərini artırıb, rəiyyət tayfasını bicürmü günah şişə taxıb yandırarlarmış. Şair onlarıi bu sayaq zülmkar, biar və bədşüur olmaqlarından nalə və fəryad edib, hali-dilini dusti-əzizi olan Mirzə Fətəli Axundova yazmışdır. Zakirin əsrindən bu ana qədər qırx beş-əlli sənə gəlib keçibdir. Bu müddətin ərzində əcnəbi millətlər və bizdən çox geridə olan qövm və tayfalar bizi basmıyıb qabağa keçiblər. Çünki hamıdan artıq rəiyyətin əlinin zəhməti ilə asudə mürəffə hal dolanan onlardır və lakin çox heyf olsun ki, bizim alinəsəb ağazadə və xanzadələrimiz bu məsələyə başqa nəzər ilə baxıb, rəiyyət tayfasının həmişə vəhşi halında və zülmət aləmində qalmaqlarını özləri üçün eyni-səlah görüblər; ta ki, onların avamlığı ilə nəfbərdar olub mərifət ... işığının və elm nurunun onların içinə daxil olmasına sədd çəkib, məmanəət göstəriblər və əlan göstərməkdədirlər. "Qarğalar laçın olub, laçınlar qarğalanıb". Bu müddəti-mədiddə rəiyyət tayfasının güzəranı və övzai-məişəti dəyişilib, üsrətdən-yüsrətə mübəddəl olmayıb, gələ-gələ fəqir və zillətə düçar olmaqdadırlar. Əlbəttə, cümlədən ziyada onların qeydinə qalan və oduna yanan gərək mülkədar bəylər və ağalar olaydı, hamıdan artıq gərək onlar çalışıb öz rəiyyətləri arasında elm və bilik intişar edəydilər. Neçə vaxt bundan müqəddəm həqir böyük bir mülkədar bəy ilə dəhat əhlinin cəhalət və avamlığından bəhs edib ona məsləhət üzü ilə təklif elədim ki, öz kəndində rəiyyət uşaqlarının təlimi üçün bir təb açdırsın. Bizim bu təklifimizdən cənab bəy mütəğəyyir-hal olub, itab ilə cavabında bizə dedi ki, filankəs, sən nahaq yerə belə sözləri bizim camaatın içində danışırsan və aralarına iğtişaş salırsan. Rəiyyət tayfasına oxumaq-yazmaq nə lazımdır. Sözün doğrusunu bilmək istəyirsən sənə deyim: "Mən heç vaxt istəmərəm ki, mənim rəiyyətim elmli və qanacaqlı olsun. Ondan mənə və övladıma nə fayda? Mən əlan öz mülkümün içində bir balaca padşaham, hər nə istəyirəm, eləyirəm. Hər qisim əmr məndən sadir olsa, təbəələrim ona sözsüz, sualsız əməl edirlər. Onlar zəhmət çəkir, işləyir, mən də rahat yeyib padşah kimi dolanıram. Dünya başdan belə yaranıbdır: "Biri zəhmət çəkib qazanır, biri də rahat oturub yeyir". Kim istər padşahlığını əldən versin? Kim istər öz məmləkətində elm oxutmaq ilə xəyanətkar sosialistlər əmələ gətirsin, fəsad toxumunu əksin?!" Əlbəttə, sərkarın bu batil etiqadda olmağı onun öz avamlığını dəxi göstərir. İşin zahirini görüb, batininə elm yetirə bilmir və düşünmür ki, camaatı həmişə avamlıqda saxlamaq olmaz, anlamır ki, o, avamlıqda qaldığı halda ətrafdakılar elm sayəsində tərəqqi edib qabağa gedirlər və çox çəkməz ki, ona hücum edib özünü, müstəmləkatını və avam təbəəsini əjdaha kimi udub məhv və nabud edəcəklər.... 3 İrəliki məqalələrimizdən "Tərəqqi"nin hörmətli oxucuları gördülər ki, əsillərindən o dərəcədə uzaqda və kənarda durmayıblar, necə ki, bizimkilər durubdur. İntelligensiyamız ilə camaatımızın arasında dərin və gen bir dərə vardır ki, hər iki tərəfi bir-birinə vasil etmək üçün lazımdır yol açmaq və körpü salmaq. Hələ hər bir tərəfin "köçü də ayrıdır, heçi də". Təlim və tərbiyə kəsb edənlərimiz kənardan durub millətimizə tamaşa edirlər və millətin çirkinliyi, fəqirliyi və avamlığı onları təəccüb və heyrətə salır. Avam camaata gəldikdə o dəxi təlim almışlarımıza vəhşiyanə baxıb onlardan bir yaxınlıq, bir mülayimət və münasibət, həqiqi bir iltifat və müavinət görməyib də kənara çəkilir, onlardan hürkür. Tərəflərin yek-digərinə yaxınlaşmağına hələ bir vəsilə görünməyir. Füzuli Bağdadinin kəlamını bir azacıq dəyişdirib, münasibi-hal demək olar: Bu ona fitnə, ol buna afət, Bu ona qüssə, ol buna möhnət. Mütənəffir bu ondan, ol bundan, Mütənəkkir bu ondan, ol bundan. Burada tamam səhv və xəta və bəlkə günah, bizim əqidəmizə görə, intelligensiyadadır. Çünki bunlar millətimizi özlərindən ayrı və özlərinə oxşamayam bir cismi-kəsif məqamında tutub, ona yaxınlaşmağa meyl və rəğbət göstərmirlər və kənara çəkilib istəyirlər ki, boş sözlər ilə onun dərdinə əlac eləsinlər. Özlərini hər cəhətdən əşrəf və əfzəl tutub, qara camaatın içinə qarışmağı özləri üçün böyük eyib hesab edirlər. Yuxarı mərtəbələrindən aşağı enməyi kəsri-şan bilirlər. Söz yoxdur ki, kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz Və bilmədiyi halda ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyri-mümkündür. Necə ki, təbib naxoşun naxoşluğunu bilməmiş buna müalicə etməz, habelə də bizim intelligensiyamız öz məqamlarından tənəzzül etməmiş, millətimizə qarışmamış, onunla müaşirət və müamilət etməmiş, onun nəfəs aldığı hava ilə tənəffüs etməmiş, onun şadlığına və qəminə şərik olmamış, onun cəhalət mərizlərini öz yerində bilafasilə təhqiq və təcziyə etməmiş və üsuli-tədavisinə lazım olan dərmanları istemal qılmamış millətə həqiqi kömək edə bilməzlər və millət dəxi get-gedə daha da artıcaq pozğun hala və möhlik mərəzlərə düçar olub, əlində olan miknət və sərvəti zay edəcəkdir və çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalərə giriftar olacaqdır.... Hər bir şeyin başı məhəbbətdir. Hər bir şeyi cünbüş və hərəkətə gətirən, hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. Bu hissi-ali isə bizim intelligensiyamızın ürəyində yoxdur. Və necə ki, məhəbbət çeşməsi onların qəlbində açılmayacaqdır, onun həyatbəxş suyu damarlarında cərəyan etməyəcəkdir, intelligensiyamız özlərini kənarda saxlayıb, millətin dərdlərinə və qisim-qisim fəlakətlərə düçar olmasına tamaşaçı olacaqlar. Bilirəm ki, bizə bu barədə irad olunacaqdır ki, filankəs, səhv edirsiniz, bu halda millətin dərdinə qalan və oduna yanan az-çox var isə də yenə bizim millət xadimlərimiz vardır ki, onların vücudunu inkar etməyə haqqımız yoxdur. Onlar da olmasa vay bizim halımıza; amma bizim dediyimiz bu beş-on nəfər deyil! Beş-on nəfərdən intelligensiya əmələ gəlməz, biz çoxu nəzərdə tuturuq. Əgər desələr ki, çoxunun da həmişə danışdıqları millət sözüdür, cavabında sözümüz bu olacaqdır ki, quru millətpərəst iddiasında olub, onun dərdlərinə məhz söz ilə kömək etməyə biz əsla qiymət vermirik. Keçmişdə "millət" sözü bizim dilimizdə az işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. Bir müslim qeyri bir müslimi hiylə və təzvir damına giriftar etdikdə tora düşən nifrət və kərahətlə fəryad edib deyirdi: "Belə də millət olarmı, a kişi?" Amma indi elə bir zaman yetişibdir ki, onun təqazasına görə millət sözü "modnı" bir ləfz olubdur ki, onun əsil mənasını layiqincə dərk etməyənlər dəxi mövqesiz və ehtiyacsız onu istemal edirlər. Əlbəttə, bunlar tamamən hərfdir, əhli-hal onun bahasına bir qara pul da verməz. Bu qəbil millətpərəstlər "Tərəqqi"nin "Gəncəli" müxbiri yazdığı millətpərəstlər qismindəndir ki, gah da bir Bazarbaşı adlanan yerdə cəm olub, başqa bir söz tapmayıb, "millət sözü" danışırlar və sonra xanələrinə istirahət üçün çəkilirlər və millət, millət deməklə istəyirlər onu qabağa aparsınlar. Ədiblərimizdən möhtərəm Əbdürrəhimbəy Haqverdiyev "Millət dostları" ünvanında yazdığı müxtəsər hekayə yalançı millət dostlarının dolanacağından gözəlcə və tərtəzəcə bir nümunədir. Bu halda hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq zəhi sadəlövhlük deyilmi? Bunların haqqında mərhum Hacı Seyid Əzim demişdir: Qeyrəti-milləti bəhanə qılır, Gündə xalq içrə yüz fəsanə qılır. * * * Məişətimizə dair 1 Karvan rəfto to dər xabo biyaban dər piş Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi? [1] [1] Tərcüməsi: Karvan getdi, sən yatmısan, qarşıda biyaban var. Nə vaxt gedəcəksən, kimdən yolu öyrənəcəksən, nə edəcəksən, necə olacaqsan? Xacə Hafiz Şirazinin bu beyti övqati-əzizəsini qəflət və bətalətdə keçirmiş bir nəfsi-vahidin fəna halını bəyan etdiyi kimi, bütün bir qövm və tayfanın və hətta bir millətin qəflətdən bidarı və tənbihəsi üçün hikmət üzü ilə yazılmışdır, -- desək, xəta olmaz. Bəhərtəqdir zamani-hazırda bu beytin məalı bizim hal və şanımıza və övzayi-əhvalımıza ən münasib, ən müvafiq gəlir. Miləli-müxtəlifə tərəqqi və təməddün yolunda səy və təlaşı, rənc və zəhməti istirahət və qəflətə tərcih verib, elm və bilik sayəsində irəli gediblər. Övzayi-məişətləri elə bir münsiq və münəzzəm qaydaya düşübdür ki, gün-gündən qabağa getməyə şəkk qalmır. Biz müsəlmanlara gəldikdə, biz bəşəriyyət karvanının qatarından üzülmüş yorunuq dəvə kimi bir yerdə qalıb, uzun dəhrləri xabi-qəflətdə keçirmişik. Bu halda ətrafımızda vüquə gələn hadisat, əlamat, gurultu, nərilti və hürriyyət yolunda olan vuruşma və çırpışma bizi də bir növ yuxudan oyadıbdır, gözümüzü açıb görürük ki, karvan çoxdan gəlib kedibdir. Qabaqda vəsi bir biyaban, yolu getməyə nə dizdə taqət və nə də ürəkdə hünər, nə qəlbdə mətanət və nə də mənzurda bir rəhbər və dəlil! Odur ki, Xacə Hafiz bizim kimi qəflət yuxusunda vaxtını keçirmiş bir millətə xitabən deyir: "Key rəvi, rəh ze ke porsi, çe koni, çun başi?". Yəni yolu nə vaxt gedəcəksən? Səni xabda qoyub kecən karvanən sorağın? kimdən soracaqsan? Nə eləyəcəksən? Basına nə carə qılacaqsan?.... Filhəqiqə heç bir millət mədəniyyət aləmindən, elm, mərifət nurundan bizim kimi uzaq düşməyibdir. Heç bir millətin, heç bir qövm və tayfanın üstündə o qədər ağır təkliflər və çətin məsələlər yığılıb qalmayıbdır, nə qədər ki, biz müsəlmanların üstündə qalıbdır. Qonşularımız öz dolanacaqlarına, məişəti-ümumiyyələrinə aid hər qisim məsələlər törətdikcə vaxtın təqazasına müvafiq ittifaqla təhqiq və tədqiq etdikdən sonra əməl ediblər. Sonra qeyri məsələlərin halına və qeyri ehtiyacların rəfinə sərfi-hümmət ediblər. Hər bir məsələni öz vaxtında, hər bir ehtiyacı zühuru əsnasında təhlil və təshil qılıblar. Biz isə.... Biz indiyə kimi ümumi işlərimizə dair bir məsələni layiqincə həll etməmişik, milli ehtiyaclarımızdan birisini də rəf qılmamışıq, ümumi qüsurlarımızdan birisini də təshih eləməmişik, köhnə ehtiyaclarımız təzəsinə və təzələri köhnəsinə qarışıb cümləsi təzə hökmündədir. İyirmi-otuz sənə bundan müqəddəm mərhum Həsənbəy Zərdabi "Əkinçi" qəzetəsində atəşli dil ilə yazdığı ehtiyaclarımız, on sənə bundan irəli müdiri-möhtərəmimiz Əhmədbəy Ağayev "Kaspi" ruznaməsində məhəlli-müzakirəyə qoyduğu mühüm məsələlərimiz, ümum qüsur və nöqsanlarımız indi də irəliki sayaqda və qədimki halında qalıbdır. Heç bir işimiz rövnəq tapmayıbdır, layiqincə nizam və qaydaya düşməyibdir. Nəbati demişkən: "Hələ ləng, ləng, ləngdir". Bu süstlüyə, bu acizliyə, bu bir nöqtə üzrə donub qalmağa ümdə səbəb, necə ki, irəliki məqalələrimizdə dəxi zikr etmişdik, camaatımızı təşkil edən hər bir sinfin öz darca və qaranlıq dairəsində güzəran etməyi olubdur, hər bir firqənin öz məxsusi kar-barının, nəf və səlahının və dolanacağının dalınca təlaş etməsi olubdur. Rəyasət və hörmət iddiasında olan ruhani ataların və alicəmab ağaların hirsi, qərəzi, tamahı və kütahbeyinliyi olubdur. Millət qeydinə qalan, camaat nəf və səlahını mülahizə edən, onun dərd və mərəzlərinə çarə axtaran olmayıbdır. Atalardan qalma ittihad və ittifaqa məxsus gözəl məsəllər unudulub, nifaq və ixtilafa mənsub olanları: "El üçün ağlayan gözsüz qalar", ya "Məndən ötdü yoldaşıma dəydi -- guya ki, saman çuvalına dəydi" kimiləri dərguş olubdur və müsəlman qardaşlar onların məzmununca yek-digəri ilə rəftar etməkdədirlər. Bu minval üzrə bizlər öz dairəmizdən kənara çıxmayıb, bir-birimizə tələ qurub, şəxsi mənfəətimiz üçün bir-birimizin ayağını çəkməkdə, bir-birimizə quyu qazmaqda ikən qeyri millətlər gəlib bizi tapdalayıb keçib gediblər. Qəzetəmizdə "Ordan-burdan" yazan "Filankəs"in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. Bizlər uzun-uzadı xabi-istirahətə məşğul ikən qonşularımız hünər və mərifət kəsb edib "fil" yaradıblar. İndi biz nəinki fil, hətta siçan qayırmaqda dəxi aciz və bacarıqsızıq. Bacarıqsız olduğumuz hər məqamda və hər qədəmdə büruzə çıxır. "Filankəs"in sözünün haqq olmasına "Novosti Zaqafqaziya" qəzetəsinin Naxçıvan müxbiri yazdığı fəqərə şəhadət verir. Əhvalat bu üzrədir ki, Naxçıvan nücəba və rəisləri Naxçıvanda progimnaziya açmaq xəyalına düşürlər. Çox gözəl niyyət! Naxçıvan İrəvan şəhərindən yüz əlli verst kənardadır. Onun yaxınlığında Ordubad, Culfa, Şahtaxtı, Əylis kimi əhalisi çox mərkəzlər olduğuna binaən bu yerlərin xalqı, əlbəttə, uşaqlarını Naxçıvan progimnaziyasına təlim almağa qoyarlar, bir də İrəvana göndərməzlər və gələcəkdə progimnaziya gimnaziyaya dəxi təbdil ola bilər. Qərəz, sözümüz burada deyil. Bu məsələni həll etmək üçün şəhərin böyükləri və başbilənləri kərrat ilə biçarə əhalini məsləhət və məşvərətə toplayırlar, hər dəfə də məclisə cəm olanlar danışıb-danışıb öz işlərinin dalınca gedir, bu xeyir işin xatirəsi üçün Naxçıvanda sabiqdə uyezdni naçalnik olanlardan birisini şəhərdə qiraətxana açmaq üçün yığdığı beş min manatı da kargüzarlar yəditəsərrüflərinə alır ki, mənzurədə olan progimnaziyanın ehtiyacatına sərf etsinlər. Əfsus ki, o vaxtdan indiyədək hər yerdə çox işlər olubdur, çox sular axıbdır; amma Naxçıvanda bu hala kimi nə progimnaziyadan bir xəbər və nə puldan bir əsər var.... İş bu hal üzrə ikən progimnaziya açmaq xəyalına düşən cənablar şəhərdə çoxdan bəri açılmış iki sinifli rus-müsəlman şkolasının bir klasının pulsuzluqdan bağlanmağını, mübtədilər üçün güşad olunmuş pansionun yenə pulsuzluqdan qapanmağını və şəhər məktəbindən (qorodskoy şkoladan) müəllimlərin pulsuzluqdan qaçmağını görmək istəmirlər. Burada doğrudan da demək olur ki, naxçıvanlıların həzar zəhməti ilə qayırdıqları "siçanı" bimürüvvət pişik qəflətən sıçrayıb yeyir. Bizim, camaat, işlərimiz hər yerdə bu sayaq ilə getməkdədir. Bəs nə eləmək, nə çarə qılmaq? Bu suala gələcək məqaləmizdə cavab verərik. 2 İrəliki məqalənin axırında qoyduğumuz suala cavab verib bunu demək istəyirik ki, biz müsəlmanlar ki, yenicə qəflətdən ayılmağa, tərpənib hərəkət etməyə meyl və rəğbət göstəririk, yenicə mənəvi həyata övdət etmək asarı bizlərdə müşahidə olunur. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. Mərəzi-millimizi diqqəti-tam ilə təhqiq edib üsuli-tədavisinə məşğul olaq, tərəqqi və təməddünümüzə bais olan alat və əsbabın cəm və tədarükünə sərfi-hümmət edib, həməvaxt aramsız səy və təlaşda, iztirab və təşvişdə olaq, ta ki, bizi qəflət yuxusunda qoyub, təyy-mənazil edən karvana vasil olaq. Əlbəttə, birdən-birə quş olub havada uçmaq olmaz! İndiyə kimi vaxtını kəsalət və bətalətdə keçirmiş heç bir şeyi özündən ixtira etməmiş, heç bir şeyi vücuda gətirməmiş bir tayfaya nəinki havada uçmaq, bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır. Bu halımızda nəinki "fil" yaratmaq və xariqüladə bir şey əmələ gətirmək, bəlkə siçan misilli balaca şeylər də törətmək bizə müşkül olacaqdır. Lakin hər şeyi--ağla və zəhmətə, hümmət və qeyrətə tabe olduğu üçün--bir tərəfdən hümmət və qeyrətlə, digər tərəfdən də, ağıl, elm və nuri-mərifət ilə az vaxtın zərfində çox hünərlər meydana gətirmək olar, çox şeylərə müvəffəq olmaq mümkündür. Bunun imsalı, yəni adı-sanı, hörməti və qüvvəti olmayan bir qövm və tayfanın, müddəti-mütəmadi ömrünü zillət və qəflətdə keçirmiş bir millətin ayılıb, az vaxtda tərəqqi etməsi, şan və hörmət, mal və dövlət kəsb etməsi tarixdə görünmüşdür. Uzağa getməyib və Yaponiya kimi bizdən bəid olan bir dövlətin azacıq vaxtda sürətlə tərəqqi tapmasını kənarda qoyub, öz qonşumuz erməni tayfasının bu axır vaxtlardan bəri, iyirmi-otuz ilin müddətində vüquə gələn ittihad və ittifaqlarına, tərəqqi və təməddünlərinə diqqət yetirsək, yəqin edərik ki, hər bir şey hümmət və qeyrətə, elm və biliyə bağlıdır. Dünyada elə bir şey yoxdur ki, mükərrəm və müəzzəz yaranmış, əqli-səlim ilə müəyyid olmuş insanın qüdrət və bacarırından xaric olsun.... İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. Onun doğru və həqiqi müalicəsi elm və tərbiyədir. Ona binaən hal-hazırda hər şeydən artıq ehtiyacımız elm və ədəbədir, mərifət və kəmaladır ki, bunları təhsil etməmiş məişətimizi qayda və nizama salmayacağıq. Bu mərəz, yəni cəhalət təzə mərəzlərdən deyil, çox zamandan bəridir ki, bədənimizə sirişt və ruhumuza qalib olubdur. Bu o mərəzdir ki, Seyid Şirvani onun əlindən fəryad edib, rüəsayi-millətə hali-dilini söyləmişdir: Dadü fəryad, ey güruhi-üzam, Oldu zaye bu milləti-islam. Günü gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim, olur hadis, Ona bielmlik olur bais, Bir bəladır bu dərdi-nadani Ki, onun elm olubdu dərmani. Mərhum Seyid dəxi bu mərəzin illətini elmsizlikdə və çarəsini elm təhsil etməkdə görüb izhari-təəccüb edir ki, nə üçün bu mərəzin, yəni biçarə və sahibsiz millətin səhhətinə çalışan və can yandıran yoxdur. Bu təəccübdür, ey güruhi-bəşər, Bir kişi yatsa, naxoş olsa əgər, Axtarır bir təbibi-danadil, Ta ki, söhbət ona ola hasil. İndi naxoşdu milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər istəyir tərəqqiyi-tam, Qaldı zillətdə firqeyi-islam.... Aya, kimlər və nə vəsilələr ilə millətimizin bu naxoşluğuna gərək müalicə eləsinlər və onları cəhalət qaranlığından elm və mərifət işığına çıxartsınlar? Bu xüsusda gələcək məqaləmizdə danışarıq. 3 MÜƏLLİMLƏRİMİZ VƏ ONLARIN HALI Ruhani atalardan sonra cəhaləti-millət ilə müttəsil cəngə müsəmməm olan, elm və maarif qapılarını millət üzünə açan ikinci firqə hər millətin içində müəllimlər firqəsi olubdur. Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər. Keçən on doqquzuncu əsrin 70-ci sənəsində almanların firənglərə qalib gəlməyi onların müəllimlərinə isnad olduğunu təsdiq edib, qəti surətdə deyə bilərik ki, miləli-müxtəlifə arasında hər zaman və məkanda vüquə gələn hər qisim dava və müharibələrdə xah siyasi olsun, xah iqtisadi və xah qeyri, qalib gələn tərəf müəllimləri sayəsində nüsrət tapmışlar və qalib gəlmişlər. Bu bir vazeh əmr olduğu üçün bu barədə artıq danışmağı lazım görmürük. Vəli biz Rusiya müsəlmanları müddəti-mədid müəllimsiz və mürəbbisiz qalıb, tərəqqi yoluna salik olan mütəməddin millətlərin qatarından üzülüb geridə qalmışıq. Uzun müddətlər əbnayi-millətə qaydasınca təlim və tərbiyə verən müəllimlərimiz olmadığına görə belə pərişan hala düşmüşük. İyirmi beş-otuz sənə bundan müqəddəm övladımızın tərbiyə və təlimi bilkülliyyə üsuli-təlimdən bixəbər və adabi-tərbiyədən bihissə olan məktəbdarların əlində idi. Ətfali-müslimin gözəl ömrlərini qaranlıq və nizamsız məktəblər güncündə, quru həsirlər üstündə keçirib, neçə sənələr ərzində çox az və heç şeyə yaramayan biliklər kəsb etməyə qadir olurdular. Təlim və tədris üçün ana dilimizdə kitablarımız olmadığına görə müəllim əfəndilər fars və ərəbdən hansı kitabı xoşlasa idilər, şagirdlərinə ondan dərs verərdilər. Milli məktəblərimizin pərişan halını və üsuli-tədrisin biüsul və binizam olduğunu, təlim kitablarımızın tərifini o vaxtın şairi-binəziri Hacı Seyid Əzim Şirvani ədibanə nəzmə çəkmişdir ki, onlar ilə oxucularımızı münasib məqal olduğu üçün aşina etməyi lazım gördük. Şair mərhum Həsənbəy Məlikova xitabən yazmışdır: Məhsina! Ey fəda olum sənə mən. Etdiyin fikri-bikrə səd əhsən! Bilməyən yoxdu kim, bu mənanı-- Tərbiyət kamil eylər insanı. Tutalım, gəldik əmrə mərdanə, Baxmadıq tənü ləni-nadanə. Tutalım, eylədik bu əmrə tifaq, Tərbiyət biz gərək ki, kimdən alaq? Hansı məktəbdə fövci-ətfali Hansı bir elmdən edək hali? Məktəbi-tibb, ya ki, hikmətdən, Ya ki, hərbiyyə, ya ki, hirfətdən? Necə kim, ol "Vəkili-naməlum" Eyləmişdi bu nüktəni mərqum. Əvvəla, bizdə yox o məktəblər Ki, verə kəsbi-elmi xalqa səmər. Nə o gunə kitablər əlan Ki, ola öz lisanımızda bəyan. Bizə hasil nə şey olur yoxdan Ki, itibdir kitabımız çoxdan. Hanı bizdə "Xülasə"nin səməri? Hanı "Cəbrül-müqabil"in xəbəri? Səhl dillərdə elmi-heyət yox, Cəmü təfriqü zərbü qismət yox. Nə təqiyyə, budur sözün safi, Küfrdür bizdə elmi-coğrafi. Elm evi oldu ol zaman bərbad Ki, etdi rehlət xəlfeyi-Bağdad. Hər vilayətdə var beş-on məktəb, Edirik kəsb onda elmü ədəb. Məktəbin fərşi altı köhnə həsir. Neçə ətfali-müztər onda əsir. Dərsimizdi kitabi--"Gürbəvü muş", "Nəqli-həmdunə", "Qisseyi-xərguş". Oxuruq çox tərəqqi etsək əgər, Cümlə "Tarixi-Nadir"i əzbər. Bixəbər elmi-paki-hikmətdən, Bisəmər cadeyi-şəriətdən.... Keyfiyyəti-hal bu qərar üzrə olduqda, təlim və tədris işləri belə çətin və narəftə yollar ilə getdikdə, əlbəttə, millətin ruhani tərəqqisi, elm və biliyi, mərifət və kamalı artıq dərəcədə ola bilməzdi. Amma bununla belə bu övzasi dağınıq olan məktəblərdə zəif halda olmuş olsa da, mərifət işığı görsənirdi. Bu məktəblərdən Qasımbəy Zakir, Abdullabəy Asi, Hacı Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Kazım ağa Salik, İsmayılbəy Nakam, Mirzə Mehdi Naci və qeyriləri kimi xoş təb şairlər və dəqiq ədiblər hasilə gəlmişdir. Bu hal bir tərəfdən də, söz yoxdur ki, millətimizin qabili-mərifət və sahibi-istedadi-cibilli olmağına şəhadət verir. 1879-cu ildə, otuz sənə bundan əvvəl Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı və iki sənə bundan sonra 1881-ci ildən bu darülmüəllimindən tərbiyə almış müsəlman müəllimləri çıxmağa başlayır. Mübtədilərə üsuli-sövti ilə ki, "üsuli-cədid" adı ilə məşhurdur, təlim verməyin binasını Zaqafqaziya müsəlmanlarının içində qoyan müsəlman şöbəsində müəllimlik elmini tamam edən cavanlar olubdur. 1881-ci sənədə kurs tamam edən üç nəfər şəxs üsuli-cədidin qaydasını şöbənin əvvəlinci naziri mütəvəffi Çernyayevskidən əxz etmişlər. Şöbənin cünbündə tərbiyə alan mübtədilərə üsuli-sövti ilə əvvəlcə dərs verən Çernyayevski özü olubdur. Çünki o vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. Çernyayevski mübtədilərə verdiyi dərslərdən məşhur "Vətən dili" kitabçasını təcrübə üzü ilə tərtib qılmışdır. Məzkur üç nəfər müəllimlərdən biri mərhum Mirzə Əli Məhəmməd Xəlilov İrəvan quberniyasında, Naxçıvan şəhərində və Baş Noraşen qəryəsində, mərhum Səfərəlibəy Vəlibəyov Gəncə quberniyasında, Şuşada və cənab Teymurbəy Bayraməlibəyov Lənkəranda üsuli-cədid ilə dərs deməyin binasını qoymuşlar. O vaxtlarda şkolalarda 1881-ci ildə namestnik təsdiq etdiyi "uçebni planın" proqramı ilə dərs deyilirdi; yəni əvvəlcə təlim ana dilində, sonra rus dilində icra olunurdu. Amma bir vaxtdan sonra bu "uçebni plan" tədriclə qüvvətdən düşüb bilmərrə unuduldu və ana dilinin təlimi şkolalardan götürüldü. 1881-ci ildən indiyə kimi, yəni iyirmi yeddi ilin ərzində Qori darülmüəlliminindən 150 nəfərə kimi müəllim çıxıbdır. Müsəlman şöbəsinin güşadından iki-üç il sonra İrəvanda dəxi bir darülmüəllimin açıldı. Amma burada müsəlman şagirdlərinin ədədi çox az olmağa görə buradan ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. Bunlardan əlavə, keçən əsrin həştadıncı sənələrində Tiflisdə Aleksandrovski institutundan beş-altı nəfər şəhər müəllimi təhsili-elm edib kurs qurtarmışdı. Bu müəllimlərdən möhtərəm bəradərlərimiz Sultan Məcidbəy Qənizadə və Həbibbəy Mahmudbəyov Bakı şəhərində bir məktəb açıb, təzə üsul və qayda ilə onda dərs deməyin binasını qoymuşlar. Demək olar ki, bu müəllimlərin Bakıda təsis etdikləri məktəb indiki rus-müsəlman şkolalarının anası mənziləsindədir. Lakin o vaxt da maarif naziri olan Delyanovun tədbiri və binagüzarlığı ilə müsəlmanlardan şəhər məktəblərində müəllim olmaq ixtiyarı alındı. Buna binaən müsəlmanlardan instituta daxil olmaq rəğbəti kəsildi. Belə ki, 1888-ci ildə qızıl medal ilə institut kursunu tamam edən cavanlarımızdan cənab Hacı Rəhimbəy Qayibova şəhərdə yer verilməyib, İrəvan uyezdində Uluxanlı qəryəsinə müəllim təyin olundu. O da bir-iki sənə kənd müəllimliyi edib, özü üçün bir tərəqqi yolu görməyib, Okrujnoy sud məhkəməsinə qulluğa girdi. Belə ki, iyirmi yeddi sənənin ərzində dövlət tərəfindən açılmış darülmüəlliminlərdən 200-ə qədər müəllimlər çıxıbdır. Qafqazın üç milyona çatan müsəlman əhalisinin təlim və tərbiyəsinə mübaşir olmaq üçün iki yüz nəfər müəllim--dəryaya nisbət bir qətrə mənziləsindəndir desək, mübaliğə etmiş olmarıq. Ötən məqaləmizdə dövlət tərəfindən açılmış darülmüəlliminlərdən iki yüz nəfərə kimi kurs qurtarmış müəllimlərin tamami Qafqaz müsəlmanlarının təlim və tərbiyəsi üçün kifayət etmədiyini bəyan etmişdik. Məlum ola ki, bu iki yüz müəllimlərdən bu anacan bir neçəsi dari-bəqayə rihlət edib, rəhməti-həqqə vasil olmuşlar. Hali-həyatda olanların da bir sülsi müəllimlik kimi nə qədər müqəddəs də olsa ağır və çətin bir peşəyə, qədr və qiyməti bilinməyən və nəzərdə istiqbalı olunmayan bir sənətə tab gətirməyib, iki-üç sənə müəllimlik etdikdən sonra qeyri bir mədaxilli sənətlərin və avam nəzərində hörmətli sayılan başqa qulluqların dalısınca gediblər. Müəllimlikdən hər qisim mənsəblərə: polisiya qulluğuna, mütərcimliyə, sekretarlığa, müxtəlif məhkəmələrdə və mütəəddid dəftərxanalarda cürbəcür xidmətlərə girəni olubdur. Müəllimlikdən hətta aksız qulluğuna da keçəni olubdur. Əlbəttə, o kəslər ki, müəllimlik kimi möhtərəm və müqəddəs xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər, ümumi xidməti əda etməkdən, millətə qulluq eləməkdən boyun qaçırıblar. Vəli maddi tərəfdən və dolanacaq sarıdan bunlar zirək və durbin olublar. Zira müəllimlərə nisbətən bunlar artıcaq rahat və mürəffə-hal güzəran etməkdədirlər. Müəllimlik peşəsinə müdavimət edib, onun zəhmətinə qatlanıb qalanların halı və güzəranı ziyadə üsrət və məşəqqət ilə keçibdir və keçməkdədir. Bunlardan dəxi artıq bacarıqlı və zirək olanları dolanacaqlarını bir növ yüngülləşdirmək üçün kəndlərdə qulluq etməyə qane olmayıb şəhərə keçiblər. Şəhərlərdə müəllimlik məvacibi kənd müəlliminin məvacibindən bir az artıqdır və həm də burada sair mənbələr də vardır ki, onlardan təhsili-məaş etmək mümkündür. Bunlardan əlavə, şəhərlərdə əsbabi-tərəqqi və maarif həmə vaxt müyəssər olduğu üçün və ünsiyyət etməyə müvafiq yar-yoldaş tapıldığı üçün şəhərdə təlim almış cavanlara şəhərdə də güzəran etmək xoş keçir. Bu səbəblərə görə müəllimlərin çoxu kəndlərdən qaçırlar. Necə ki, bu barədə üç sənə bundan əvvəl "İrşad" ruznaməsinin səhifələrində yazmışdıq, indi dəxi haman mətləbi təkrar edib deyirik ki, kəndlərimiz müəllimsiz və mürəbbisiz qalıbdır. Üç yüz, dörd yüz və daha ziyadə nüfuslu qəryələrimizdə məktəb və məsciddən bir əsər də yoxdur. Mayeyi-zindəganlığımız olan dəhat əhllərinin və rəiyyət tayfasının balaları sırf avamlıqda yaşayıb, sahibsiz və pərəstarsız qalırlar. Cəhalət və onunla bahəm yoxsulluq və qorxu get-gedə artıb çoxalır, qeyri millətlər tərəqqi etdiyi halda biz tənəzzül edirik. Zaqatala okruqunda iyirmidən ziyadə dörd-beş yüz nüfuslu böyük kəndlər vardır ki, heç birində məktəb və mədrəsə yoxdur. Belə dövlətli və məhsuldar mahalın, bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri olmazdı və qızıl-gümüş içində dolanardılar. Vəhalonki avamlıqları ucundan öz torpaqlarından mənfəətbərdar ola bilmirlər. Qızıl və gümüş axıb, kənardan gəlmələrin, xaricilərin torbalarına tökülür, amma yer və mülk sahibləri ehtiyacın içində zillət ilə güzəran edirlər. Habelə Nuxa uyezdində, xüsusən, Qəbələ mahalında, İrəvan uyezdində Zəngibasarda, Şırıldərə, Ləgiz uyezdində, Şuşa və Cavanşir uyezdində, xüsusən Tərtərbasarda və sair. Bunlar misilli ziyadə məhsulat yetirici və meyvəcat yetirici yerlərdə əhali elmsizlik cəhətindən fəqir və zillətdə dolanmaqdadırlar. Tərbiyə almış və kamali-təhsil etmiş cavanlarımız qaranlıqda qalan qardaşlarına işıq salmağı və onları qaranlıqdan işığa çıxartmağı özlərinə borc hesab etməyib, hər bir nəhvlə çalışırlar ki, kəndlərdən qaçıb uzaqlaşsınlar. Kəndlərdə öz qəzalarına razı olub qalan müəllimlərimizin ədədi altmış-yetmişdən ziyadə deyil. Bunlardan ancaq bir neçəsi öz vəzifələrini kamalınca düşünüb, cani-dildən intişari-maarif yolunda çalışırlar və millətin ayılıb tərəqqi etməsinə səmimidildən xidmət edirlər. Bunların zəhmətlərinin səməri görünməkdədir. Amma mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. Bunlardan əksəri iki-üç sənə az-çox həvəslə təlim və tərbiyə işlərinə məşğul olub, sonralardan yavaş-yavaş öz peşələrinə soyuyurlar, təlim və təəllümə rəğbətləri kəsilir, mütaliəyə həvəsləri olmayır, ruhlarının, əql və əxlaqlarının tərbiyəsinə bilmərrə məşğul olmayıb, bilaixtiyar özlərinin xəbəri olmaya-olmaya geri gedirlər və avam halına düşürlər. Belə müəllimlərdən neçələrini tanıyıram ki, bir dəfə də əlinə qəzet alıb oxumur, övzai-zəmanədən fil-cümlə xəbərdar olmağa şövq və həvəs göstərmir, şkolanın adına göndərilən kitablar başı bağlı qalıb kəsilmir və ruznamələr qurşaqdan çıxmır. Bu cənablar gündə iki saat könülsüz dərs deməyə iktifa edib, yerdə qalan vaxtlarını öz məxsusi işlərinin, kəsbkarlarının üstündə keçirirlər. Amma elələri də var ki, heç bir iş görməyib, övqati-əzizələrini mütləq bikarçılıqda zaye edirlər. İldə ya iki ildə bir dəfə inspektor təftiş üçün şkolaya təşrif gətirir, onu da bir sayaqla razı edib yola salırlar və yenə öz bekarçılıqlarına məşğul olurlar. Amma çox ittifaqlarda inspektor, direktor müsəlman müəllimlərindən narazı qalıb, onların tənbəlliyindən və karsızlığından şikayət edirlər. Münsif və haqqı inkar etməyən müəllimlərin bir neçəsindən eşitmişəm ki, öz dilləri ilə iqrar ediblər: "Bəli, doğrudur, biz iş görmürük və cani-dildən müəllimlik etmirik və bizim şkolaların xali qalmağına əksər övqat səbəb özümüz oluruq, çünki müəllimlik də bizə bir şey vermir". İşlər bu minval üzrə getdikdə, əlbəttə, müəllim camaatın gözündə hörmətdən düşür və onun üçün qəlblərdə bir məhəli-etina və məqami-məhəbbət qalmır və onun məktəbinə uşaq verən olmur. Elə şkolalar var ki, onda bütün il sərasər beş-on uşaqdan ziyadə şagird olmur. Əlbəttə, kəndlərdə müəllimlik etmək yüngül və asan iş deyil. Xüsusən, müsəlman kəndlərində: bir tərəfdən, divan əmələsi tutduğu xilafi-zakon işlərin bərəkətindən, digər bir tərəfdən, şikəm güdən və fanatik mollaların xilafi-şəriət işlətdiyi əməllərin və söylədiyi vəzlərin təsirindən və bunlar ilə bahəm işıqdan qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar-bəylərin və ağaların mərhəmətindən bir növ əxlaqsız olublar, elm və ədəbə meyl və rəğbət göstərməyirlər; şkolaya ayrı gözlə baxırlar və müəllimlərə çəndan etina və ehtiram olmayır. Çox kəndlərdə biçarə müəllimlərin halı ziyadə çətinlik ilə keçir və bu xüsusda "Qafqaz" ruznaməsinin 25-ci nömrəsində "İbtidai məktəblərin qüsuru" ünvanı ilə yazılmış məqalədə haq sözlər çoxdur. Və lakin bizim əqidəmizə görə, müəllimin ürəyində atəş olsa bu maneələrin çoxuna qalib gələ bilər və öz dairəsində əvvəlinci şəxs ola bilər.... Müəllim məktəbin canı və içində olduğu camaatın çırağı məqamındadır. Müəllim öz şüğlini sevsə, öz şagirdlərini övladı kimi istəsə, onların təlim və tərbiyəsinə can yandırsa, əhalinin gözünü açmağa və xeyir yetirici biliklər ilə cəhalət pərdəsini yırtmağa sərfi-hümmət etsə, bilaşübhə, böyük kəramətlər göstərər və cümlənin rəğbət və məhəbbətinə məzhər olar. Hər bir şey məhəbbətə bağlıdır. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan, hər bir şeyi gözəl, məqbul və nurani edən məhəbbətdir! Heyfa ki, bu ali və pakizə hiss, bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur; heyfa ki, nə ev tərbiyəsində, nə məktəblərdə və məscidlərdə və nə də camaatımızın içində məhəbbət atəşini bizim ürəyimizdə yandıran olmayıbdır. Müəllim məktəbin canı olduğunu və məhəbbət ilə çox işlər açdığını əcnəbi qövm və tayfaların içində görürük. Bizim müsəlmanlar dəxi belə həqiqi millət xadimlərindən məhrum deyillər. Kənd müəllimlərinin içində İsabəy Abakarov, Əhməd ağa Mustafayev kimi bir neçə möhtərəm şəxslər var ki, həqiqətdə millət xadimi olub, cani-dildən təlim və tərbiyə işlərinə ömürlərini sərf ediblər. Bunlardan hər birisi iyirmi ildən ziyadədir ki, müəllimlik etməkdədir. Bunlar qulluq sarıdan artıq bir tərəqqi etməyiblərsə də və tərəqqi etmək qeydinə dəxi düşməyiblərsələr də, camaatın məhəbbətinə şayəstə olublar. Hansı kənddə müəllimlik ediblərsə, orada mərifət çırağını yandırıb, əhalinin gözlərini açıb, mənəvi tərəqqilərinə bais olublar. İsabəyin təhti-tərbiyəsində yüzlərcə rəiyyət balaları çıxıb, kamali-təhsil edib, çörək sahibi olubdur. İsabəy çox fəqir şəxslərin övladına atalıq edib, azacıq məvacibindən onlara xörək və puşak verib oxudubdur. İmtahan mövsümündə onları öz xərci ilə Tiflisə, Gəncəyə, Qoriyə göndərib və çox vaxtı özü aparıb bəzisini sənət məktəbinə, kimisini feldşer şkolasına, kimisini seminariyaya və hətta bir neçəsini gimnaziyaya qoyubdur. İsabəyin haqqı bizim üstümüzdə çoxdur. İsabəy bizim Pestalotsimiz məqamındadır. Və lakin belələri çox azdır, beş-on nəfər ancaq tapılar. Yerdə qalanları öz şüğllərinə soyuyubdur, ürəklərində olan atəş sönübdür və hər şeyə həyat verən məhəbbət çeşməsi quruyubdur. Bəziləri bizim müəllimlərin öz şüğl və sənətlərinə nisbətən izhar qıldıqları soyuqluq və kəmetinalığı onların təlim alıb kursu tamam etdikləri məktəblərin qüsuruna həml edirlər. Çoxları bu əqidədədirlər ki, darülmüəlliminlər elmli, ləyaqətli və öz işini yaxşı bilən müəllimlər hazırlaşdırmır. Bu rəy və əqidələrdə, əlbəttə, doğruluq asarı çoxdur, öz tərəfimizdən biz deyə bilərik: nəinki bir kənd müəllimləri hazırlaşdıran, hətta şəhər məktəbləri və gimnaziyalar üçün qabil və mahir müəllimlər yetirən darülmədrəsələr və ali məktəblər yoxdur. Buna baş və ümdə səbəblərdən birisi də budur ki, məişət ilə məktəbin mabeynində əsla ittifaq və saziş yoxdur, məmləkətimizdə qədim zamandan bəridir ki, məişət öz yolu ilə, məktəb dəxi öz çığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır, bir-birinin qeydinə, dərdinə və ehtiyacına mültəfit olmayıblar; məktəb öz başına qalıb, yaxşı-yaman öz işinə məşğul olubdur. Məişət dəxi məktəbin varlığından və yoxluğundan xəbərdar olmayıb, onun nədən ötrü, nə işin xatirəsi üçün və hansı ehtiyacın rəfi üçün bina olduğunu əsla nəzərə almayıb, öz yolu ilə gedibdir. Rusiya dövləti əksər ittifaqlarda Avropa mədəni millətləri arasında filan növ mədrəsələr və filan qisim məktəblər var, bizdə də olsun deyib, öz millətinin dərəcəyi-kamalını, təbiət və xasiyyətini və zəruri ehtiyaclarını nəzərə almayıb, məhz bir "moda" üçün məişətə uymayan və yaramayan məktəblər açıbdır. Amma lazım olanların qeydinə və fikrinə qalmayıbdır. Belə ki, qədim zamandan bəridir ki, məktəb məişətin rəfi-ehtiyacı və tərəqqisi üçün olmayıb, ziynət və bəzəyi üçün xəlq olunubdur. Bu illətdən naşidir ki, məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəf edici və millətin tərəqqi və səadətinə səbəb olucu adamlar yetirə bilməyir. Belə olan surətdə şək yoxdur ki, darülmüəlliminlərimiz və darülmədrəsələrimiz dəxi bu zikr olunan təsəvvürdən ari və bəri deyil. Bununla belə, bizim əqidəmizə görə, tamam müəllimlərin bilümum və kənd müəllimlərinin bilxüsus öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır. Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizət etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi çalışar ki, özgə bir xeyirli işin və mənfəətli kəsbin dalısınca getsin. Mənim əhibbalarımdan institut qurtarmış bir nəfəri-qabil və qeyrətmənd şəhər məktəblərinin birisində on il sərasər qulluq edib, ildə 4 yüz manat məvacib almaqla bir növ güzəran edirdi. Bu şəxs nə qədər cani-dil ilə ibtidada qulluq əmrlərini yerinə yetirdisə də, bir o qədər də axırlarda soyuyub, təlim və tədris işlərinə həvəsdən düşmüşdü. On ilin ərzində buna müəllimlik yeri vermədilər, ancaq müəllimə müavin olub, dörd yüz manatdan ziyadə məvacib ala bilmədi. Axırda özü qulluğundan şikayət edib, mənə hali-dilini söylədi ki, "filankəs, bu qədər zəhmət və əziyyətin müqabilində bir tərəqqi yolu görməmək, əliboş, üzü qara qalmaq hər kəsi rəğbətdən salar və incidər. Bir yandan əhli-əyalın fikri, bir yandan övladın tərbiyə əndişəsi şu ismi bu növ pərişan edibdir ki, müəllimlik fikri və təlim-tədris işləri mənim üçün axırkı məsələlərdən birisi olubdur. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edəyim: başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. Ondan aşağıdakı mərtəbədə yar və düyü əndişəsidir. Ondan da aşağıda odun və kömür dəğdəğəsidir; lap axırıncı mərtəbədə olanı şagirdlərin hesab və yazı dəftərləridir ki, sabaha gərək onları düzəldəm. Həqiqəti-əmrdən bizimki müəllimlik deyil, çərçilikdir. Şeyx Sədi əbəs deməyibdir: Qəme-fərzəndo nano caməvo qut Baz darəd ziseyr dər mələkut. Həme ruz ittifaq misazəm Ke, beşəb baxuday pərdazəm. Şəb ki, əqde-nəmaz mi bəndəm, Çe xurəd bamdad fərzəndəm. [2] [2] Tərcüməsi: Övlad, çörək, paltar və azuqə dərdi. Sənin aləmi-mələkutda seyr etməyinin qarşısını alar. Bütün günü çalışıram ki, gecələr allaha ibadət edim. Gecə ki, namazla məşğulam, bəs səhər çağı uşaqlarım nə yesin? "Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əqli-səlimdən bəiddir". Məzkur müəllim on ildən ziyadədir ki, müəllimlik peşəsini tərk qılıb, ticarət əmrinə məşğuldur və bu halda güzəranı xoş və rahat keçir, müəllim olduğu vaxtda çəkdiyi darlığı və ürək sıxıntısını indi çəkmir və məqamı düşdükcə millətə dəxi qövlən və felən xidmətini müzayiqə etməyir. Bu minval müəllimlikdən bizar və dilgir olub qaçanların və əli çörəyə çatanların ədədi az deyil. Tamam Rusiyada müəllimlərin haqqında görsənilən həqarət və ədalətsizlik "Novoye vremya" kimi bir darməslək və mühafizəkar qəzeti dəxi dilə gətirmişdir. "Novoye vremya" edadiyyə məktəblərində, gimnaziyalarda qulluq edən müəllimlərin halına yanıb təkid edir ki, onların zəhməti azalıb, məvacibləri çoxalsın. Qəzetə gimnaziyalarda qabil və mahir müəllimlərin olmadığını bu illətdən görüb deyir: "Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı sahibi-ixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir və cərəs sədası kimi biyabanda məhv və nabud olubdur". Gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb, necə ki, yuxarıda işarə etmişdik, bunları hazırlaşdıran və kamil müəllim yetirən darülmüəlliminlərin yoxluğudur, o institutlar və darülülumlar ki, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmamışdır. Onlarda pedaqogiya elminə dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogiya fənn və elminin babası sayılan Amos Komenskinin və Pestalotsinin adların da eşitmiş olsunlar. Bu qüsurun illətini "Novoye vremya" açıq yazır. O illət budur: Sabiqdəki maarif nazirlərinin ümdə fikri yaxşı müəllimlər və qabil müdərrislər yetirmək olmayıb. Onların fikir və xəyalı saldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. Onlardan məşhuru qraf Tolstoy müəllimlər yetirmək üçün cavan tələbələrə saldat kimi təlim verdirib, onların bədənlərindən müəllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffəq oldu. Delyanov bu yolda özündən təzə bir şey ixtira edə bilmədisə də, Tolstoy qoyduğu pürməşəqqət, sərt və müəllimlik vəzifəsinə müğayir qaydaları mühafizət etməyə cani-dildən çalışdı. Tolstoy və Delyanov kimi pedaqogiya elmindən bisəmər və insaniyyət aləmindən bixəbər şəxslər maarif vəziri olduğu halda, Piraqov kimi rəhmdil və məşhur pedaqoq kənarda qalıb unuduldu. Qəzetə nəticəyi-kəlamda bunu yazır ki, hərgah gimnaziyalarda qulluq edən müəllimlərin zəruri ehtiyacları rəf olunsa, məvacibləri artsa və zəhmətləri azalsa, onda hər bir müəllim bilaşübhə çalışıb səy edəcəkdir ki, öz vəzifəsini layiqincə əda etsin, mənsəbi xatirəsi üçün qulluğunda bir qüsur qoymasın. Söz yoxdur ki, gimnaziya müəllimləri az məvacib alır və əmri-maaşda qeyri çinovniklərə görə bir növ üsrət çəkirlər və lakin onlardan da artıq üsrət və zillət çəkən kəndlərdə və qorodskoy şkolalarda qulluq edən müəllimlərdir. Bu biçarələr ağır və pürməşəqqət zəhmətləri əvəzində bu bahalıq əsrində o qədər az məvacib alırlar ki, çoxusu təngə gəlib müəllimlikdən qaçır və qaça bilməyənləri də dilənçilik halında ömürlərini zaye edir. Bəs hər şeydən əvvəl və cümlədən müqəddəm gərəkdir bu binəvaların dərdinə çarə etmək və halına yanmaq. Yəqindir ki, maaş sarıdan bunların da ehtiyacı rəf olunsa və zəhmətlərinə görə bunlara da məvacib təyin olunsa, bunlar da çalışacaqlar ki, öz öhdələrinə götürdükləri təlim və tərbiyəyi-ətfal kimi mühüm əmri layiqincə ifa eləsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbət göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar. * * * Mirzə Fətəli Axundov Mirzə Fətəli Axundov (1811 -1878) Milli ədiblərimizin atası, təmsilat (dram) yazanlarımızın ustadi-kamili, ədəbiyyatımızın fəxri, şəkkü şübhəsiz, mərhum Mirzə Fətəli Axundovdur ki, onun qələmindən ədəbiyyatın hər növ əsərləri vücuda gəlibdir: bimisl komediyalar, tənqidə dair gözəl məqalələr, abidar şerlər, fars və türk dillərində şirin hekayələr və qeyriləri. Mirzə Fətəlinin təbində elə bir zəriflik, yaratmaqlıq qüdrəti, yoxdan vücuda gətirməklik qüvvəsi var imiş ki, bunun misli az mühərrirlərdə müşahidə olunur. Bu bir allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. Mərhum Mirzə Fətəliyə haqq-taala belə gözəl təb ilə belə ziyadə xoş xasiyyət, əqli-səlim, açıq fikir, artıq fərasət və zəkavət dəxi mərhəmət qılmışdır. Heyrət etməli bir sirrdir: istədiyinə basa-basa verir, istəmədiyinə heç zad vermir. Mərhum Mirzə Fətəli Axundov təvəllüd edibdir Nuxa şəhərində, tarixi-məsihiyyənin 1811-ci sənəsində, vəli təvəllüd günü və ayı məlum deyil. Altı-yeddi sinndə Mirzə Fətəli ata və anadan məhrum olub yetim qalır. Bu fəna halda qaldığı əsnada onun dayısı axund Hacı Əli Əsgər həmşirəzadəsini öz himayəsi altına alıb, təlim və tərbiyəsinə məşğul olur. Məzkur axund isə öz vaxtının möhtərəm və fazil üləmasından biri hesab olunurmuş. Bu möhtərəm alimin təhti-nəzarətində Mirzə Fətəli müsəlmanca binalı təlim alıb, türk, fars və ərəb dillərini öyrənir. Axund Hacı Mirzə Əli Əsgər həmşirəzadəsinin, xüsusən, ərəbcə oxuyub kamil olmasına diqqət yetirirmiş, bu qəsd ilə ki, gələcəkdə Mirzə Fətəlini ruhani mənsəbinə hazırlaşdırsın. Amma iş özgə sayaq üzrə gedir və mirzəyi-mərhumun ruhani olmağı baş tutmur. Vaxta ki, Mirzə Fətəli 17 sinnə yetişir, onun dayısı həcc ziyarətinə getməli olur və bacısı oğlunu özü ilə götürüb, Gəncə şəhərində rəfiqi axund molla Hüseynin yanında qoyur ki, məzkur axund ona ərəb dilini təlim etsin. Burada Mirzə Fətəli məşhur Mirzə Şəfi ilə görüşür. Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini görüb və gözlərindən yağan anlaq və mərifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüquə gəlməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Məlum ola ki, Mirzə Şəfi təbi-səlim sahibi və ülumi-mütənəvviəyə dara bir vücud imiş ki, əşari-abidarı və asari-fəlsəfəsi ilə Avropada, xüsusən, Almaniyada iştihar bulmuşdu. Almaniyada onun asar və əşarının məcmuəsi nemsə dilinə tərcüməsi ilə Bodenştedt adlı alim bir şəxsin ehtimamı ilə təb olunmuşdur. Mirzə Şəfi ilə görüşdükdən sonra Axundov ruhani olmaq fikrindən bilmərrə daşınıb, Avropa mədəniyyəti ilə aşina olmaq niyyətinə və qulluq etmək qəsdinə düşür. Bu niyyətlərinə nail olmaq üçün dayısı həccdən müraciət edəndən sonra Mirzə Fətəli özü də Nuxaya gəlir və burada dayısının izni ilə təzə açılmış uyezdni şkola girib, can-dildən rusca oxuyub-yazmağa məşğul olur. Mərhum Rəşidbəyin verdiyi məlumata görə, Mirzə Fətəli uyezdni şkolanın elmini tamam edir. Amma Axundovun öz yazmağına görə, bir ildən ziyadə haman şkolada qalmır. Hər halda şkoladan çıxandan sonra Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan ilhah və iltica eləyir ki, onu qulluğa qoysun. Mərhum Hacı Mirzə Əli Əsgər bacısı oğlunun könlünü sındırmayıb, təvəqqeyinə əməl eləyir və onu özü ilə Tiflisə gətirir və burada rus dövləti tərəfindən təyin olunmuş Gürcüstan ümurinin baş hakimi Baron Rozenə ərizə verib, onu 1834-cü ildə əlsineyi-şərqi mütərcimliyinə qəbul etdirir. Baron Rozen cənabları cavan Fətəlinin haqqında ki, o vaxt 23 yaşında idi, artıq dərəcədə iltifatlar göstərərmiş. Belə ki, mərhum Axundov özü tərcümeyi-halını yazıb bu məqama gəldikdə baronun yaxşılıqlarını zikri-xeyir ilə yad edib deyir: "Bilmirəm hansı dil ilə bu sərdarın yaxşılıqlarını izhar və şükrgüzarını əda eləyim". Mirzə Fətəli bu qulluğunda ömrünün axırına kimi qalıb, sədaqət ilə öz vəzifəsini yerinə yetirir və bu ixlas və sədaqətin və hüsn xidmətlərinin əvəzində polkovnik çini və neçə-neçə nişanlar alır. Qulluq işlərindən fariğ olan zamanı asudə vaxtlarını rus kitablarının mütaliəsinə sərf qılıb, xeyli məlumat kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə, siyasi və iqtisadi elmlərə dair kitablar imiş. Mərhum bir neçə davalarda öhdəsinə həvalə olunmuş bəzi mühüm və ağır sifarişləri kamalınca yerinə yetiribdir. Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində, tarixi-məsihiyyənin 1878-ci sənəsində, fevral ayının 28-ci günündə, altmış yeddinci sinnində; dəfn olunubdur Tiflisdə müsəlman qəbristanlığında, cənabi-həqq təqsiratını bağışlayıb, rəhmətinə vasil eləsin. Amin! * * * * Mərhum Mirzə Fətəlinin fars dilində öz yazdığı tərcümeyi-halı 1887-ci sənədə "Kəşkül" qəzetəsinin 43, 44 və 45-ci nömrələrində dərc olunubdur. Mərhumun tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkə tərcümə edib, necə ki, var eynilə burada zikr edirik. Heyfa ki, "Kəşkül"ün 43-cü nömrəsi ki, onda Mirzənin təvəllüdündən 22 sinninə çatınca başına gələn qəzavü qədər yazılıbdır, tapılmadı. 44-cü nömrə axund Hacı Əli Əsgərin həccdən qayıtmağından başlanır, bu sayaq: "Əlqissə, ikinci atam Axund Hacı Mirzə Əli Əsgər həccdən müraciət elədi. Ondan sonra mən də Nuxaya gəldim və bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhayi-əleyhirrəhmənin "Xilasətül-hesab" adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım, çünki yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir olmadım. Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozenə ərizə verib təvəqqe elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfərini mənim üçün köməkçi təyin etsin, ta ki, rus dilində biliyim artıb qüvvət tapsın. Bilmirəm hansı bir dil ilə bu sərdarın, yəni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinə yetirim. Mələk xasiyyətli olan bu əmir ikinci atamın iltimasını fovrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqında zahir qıldı ki, onları vəsf etməkdə acizəm. O vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının hüzurunda əlsineyi-şərqiyyə mütərcimi olub, hər birindən ənvai-iltifat və mərhəmətlər görmüşəm.... Xassə mütəvəffi general feldmarşal knyaz Vorontsovdan razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyül-neməm olubdur və bu əmirü-kardan və rövşənzəmirin iltifatının vasitəsi ilə məndə müsənniflik qabiliyyəti büruz edibdir. Altı komediya--yəni təmsil--türk-Azərbaycan dilində təlif edib, hüzuri-alilərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub, əvəzində çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında ki, onun da banisi knyaz Vorontsov olubdur, səhneyi-tamaşaya qoydular, hüzzari-məclisdən çox afərinlər və təriflər eşitdim. Ondan sonra "Yusif şahın hekayətini" yenə türk dilində təsnif etdim. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq jurnallarında xeyli tərifnamələr yazılıbdır. 1857-ci tarixi-məsihiyyədə islam əlifbasının təğyiri babində bir kitabça fars dilində yazmışam. Məzkur əlifbanın təğyiri vacib və mühüm əmrlərdən olmağını xeyli dəlillər vasitəsi ilə sübuta yetirmişəm. 1863-cü tarixdə Qafqaz canişini imperatorzadeyi-əfxəm veliki knyaz Mixail Nikolayeviçin icazəsi ilə bu xəyalımı elan etmək üçün İstambula azim oldum. Cəmi səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Qruzenştern İstambulda olan rus səfirinə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliya və ərkanından təvəqqe eləsin ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər. Əlifbanın təğyiri babində tərtib qıldığım kitabçanı rus elçisinin draqomanı müərrifliyi ilə sədrəzəm Fuad paşanın hüzuruna pişnəhad etdim və yazdığım təmsilatı və Yusif şahın hekayəsin də nişan verdim. Kitabçamı sədrəzəm həzrətlərinin əmri ilə osmaniyyənin cəmiyyəti-elmiyyəsində mülahizə edib, hər bir xüsusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərari-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur. Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlifbasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan sağa yazıb, oxumaq və nöqtələri bilmərrə saqit etmək və hürufların şəklini latın hərflərindən intixab edib, təzə əlifba tərtib eyləmək və hürufi-müsəvvətəni hürufi-samitənin yanına yazmaq. Həqirin bu rəyini İstambul üləma və vüzərası öz fəhm və qanacaqlarına müvafiq görməyib, qəbul etmədilər və orada olan İran vəziri-muxtarı Mirzə Hüseyn xanın mənim barəmdə olan qədimi ədavəti büruz edib, İstambul vəzirlərinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramimə çatmayıb, İstambuldan geri qayıtdım. Dövləti-Osmaniyyədə əgərçe müsəlman əlifbasını təğyir etmək fikrim qəbula keçmədi, amma bu zəhmətimin əvəzində mənə Məcidiyyə nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyn xandan İstambulda xeyli mərarət və küdurətlər çəkdim ki, onların hamısını zikr etsəm baş ağrılığı olar. Müşarileh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və məlum oldu ki, batində mənim ilə böyük ədavəti var imiş, vəli onun ədavətindən mən qafil idim və onu özümə dost hesab edib, evində mənzil etdim. Axırda ədavətini büruz edib, məni cəmi Osmaniyyə vəzirlərinin nəzərində islam dini və dövlətlərinin bədxahı nişan verdi. Necə ki, məlum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatımda iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam, vəhalonki drama dair əsərlərin şərti və xüsusən komediyanın təqazası xəlayiqin eyblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir. Çün müşarileyh drama fənnini və onun şərtlərini anlamayır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir va hiylə və təzvirdən, büxl-həsəddən və hirs-tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur; ona binaən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət büğz və ədavətimdən naşıdır. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim. Tiflisə qayıdandan sonra əlifbamızın qüsuru və təğyiri barəsində təzədən yenə bir kitabça Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdimsə də, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi-qərar üzrə sağdan sola yazmağı nişan verdim. Tehranda həmçinin mənim bu fikir və təsəvvürümə mültəfit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstambulda mayeyi-mübahisə olub, bir məqamda qərar tutmayıbdır. Digər əlifba məsələsinin üstündə qeyri bir kitabça yazıb öz dövlətimin böyüklərinin icazəsi ilə osmanlı dövlətinin sədrəzəmi olan Əli paşaya Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq osmanlı danişməndlərindən Suavi əfəndinin əlifba barəsində yazdığı tənqid (kritika) dəxi qoşulmuşdu. Vəli bu kitabça da bisəmər qaldı. Əlifbanın təğyiri xüsusunda bu qədər səy və güzarişim nəticəsiz qaldığını fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm. Bu macəradan sonra Rzaqulu xanın ki, "Hidayət" təxəllüsü ilə məşhurdur, "Rovzət-üs-səfaya" mülhaqat tərzində yazdığı tarixə müxtəsər bir (kritika) tənqid yazıb Tehrana göndərmişəm və bundan bir sənə keçmiş "Süruş" təxəllüslü Tehran şairinin ki, Məliküş-şüəra ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidəyə tənqid yazıb, öz aşinalarıma Tehrana göndərdim. Əlan ki, 1878-ci ildir, ömrüm altmışdan keçibdir və rus dövlətinin mərhəmətindən irəliki xidmətdə qalıb, onun lütf və himayətindən bəhrəməndəm". Mərhum Mirzə Fətəlinin öz yazdığından görünür ki, müsəlman əlifbasının təğyir və təbdili onun baş fikirlərindən olub, bu yolda artıq səy və təlaş etmişdir. Amma çifayda, bir tərəfdən, qəflət və cəhalət və digər bir tərəfdən, qərəzi-şəxsi büxl və həsəd bizim camaat və millət işlərinin çoxuna mane olduğu kimi, mərhum Mirzənin dəxi bu gözəl fikrinə mane olub, onun bu qədər çəkdiyi səy və zəhməti səmərəsiz qoyub. Əgər hürufatımızın qüsuru babində söz açıb mətləbə tul və təfsil versək, əsil mətləbdən bir az kənar düşərik və kitabçamızda o təfsilata yer tapılmaz. Vəli bununla belə bu mühüm məsələ barəsində dinməyib keçsək vicdanımız bizi rahat qoymaz. Əlifba xüsusunda filcümlə öz rəyimizi bildirmək istəyirik. Ərəbdən götürdüyümüz sillabi xəttdə o qədər qüsur və nöqsanat var ki, təhrirə sığası və təqrirə gələsi deyil və biz müsəlmanların tərəqqi və təala yolunda Avropa əhlindən dalda qalmağımızın böyük səbəblərindən birisi də həmin bu mayeyi-səadət və məbdəi-tərəqqimiz olan oxumaq və yazmaq alat və əsbabının qüsur ilə dolu olmağıdır. Bir əlifbanın ki, irab və hərəkəsi və qədəri-kəfafincə hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmaya və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə cür oxunmağına yol verə, əlbəttə, onun bu tərəqqi əsrində bəqası səlah deyil və nə qədər təbdil və təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik, dünya və axirət işlərimiz qaydaya düşüb öz yolu ilə rast gedər. Ülum və fünundan ki, bu qədər bəhs edib, məclis və məhfillərdə danışırıq, qəzet və jurnallarda yazırıq və heç biri bizim üçün müyəssər olmur, hürufimiz təbdil olduqda qiylü qalsız, asan vəch ilə onlardan bəhrəmənd və mənfəətbərdar olarıq. Xətti-alfabiti ki, Avropa millətləri arasında icra və istemal olunur, cəmi dillərdə olan sövtləri əksiyi--otuz, artığı--otuz beş ədəd hərflərin vasitəsi ilə əda eləyir. Az-çox tərbiyəli adam əcnəbi millətin xətti-alfabiti ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa başlar. Bisavad uşaq bir-iki ayın müddətində oxuyub yazmağa qadir olur. Bir adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə basılmış kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim çox dərin oxumuş mollamız aşina olmadığı kitabı oxumaqda acizdir. İki sətr güc ilə oxuyub duruxur. Eşitmədiyi bir sözü düz oxuya bilmir. Buna səbəb, əlbəttə, bizim sillabi xətti ilə tərtib olunmuş əlifbamızdır. Burada həqiqət gün kimi aydın və rövşəndir və əqli-səlim sahibləri bunu inkar edə bilməzlər. Amma avamlığın zoru, adət və ayinin gücü bizim canımıza bir dərəcədə sirişt edibdir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq. Kömürə ağ, qatığa qara deyə-deyə qalmışıq. Hər halda piyada atlıya və atlı dəmir yol (vapor) ilə gedənə yoldaş olmayan kimi, biz müsəlman qövm və millətləri dəxi qədim heroqlif şəklində düzəlmiş əlifbamız ilə mədəniyyət aləmində Avropa əhalisinə yoldaş deyilik və ola da bilmərik. Mərhum Axundov bu barədə yazır: "Əgər islam xalqlarının əlifbası sillabi deyil, alfabiti olsaydı, özü də soldan sağa yazılsaydı, mədəni tərəqqi aləmində, heç şübhəsiz ki, islam xalqları Avropa xalqlarından irəlidə olardılar. Çünki mədəniyyət toxumu əvvəllər islam xalqlarının yaşadığı Şərq ölkələrində göyərmişdir. Lakin sillabi əlifbanın çətinliyi nəticəsində elm və maarif bu xalqların bütün təbəqələri arasında yayılmamış və islam xalqları yaşayan torpaqlarda toxumu çüruyüb zay olmuşdur. Halbuki Avropada alfabiti əlifbanın asanlığı nəticəsində mədəniyyət və elm tərəqqi etmişdir. Min dəfə təəssüf olsun ki, islam xalqının dövlət başçıları öz əlifbalarının dəyişdirilməsinin vacib olduğunu dərk etmirlər və gündən aydın olan bu mətləbi başa düşmürlər. Halbuki onlar yeni tənzimat, dəmir yol çəkmək, buxar gəmiləri düzəltmək, teleqraf xətləri çəkmək, hərbi silahlarını təzələmək və bunlar kimi başqa məsələlər haqqında uzun-uzadı danışırlar. Halbuki bütün bunlar əlifbanı dəyişmək məsələsinə nisbətən ikinci dərəcəli, bu məsələ isə hər bir yeniliyin bünövrə daşıdır. İnsanın belə bir xalqın içərisində doğulması və haqqı anlaması böyük bədbəxtlikdir. Çünki o, haqqı öz xalqına başa sala bilməyib, dünyadan həsrət və kədərlə gedəcəkdir. İmza: Mirzə Fətəli Axundzadə". Mirzə Fətəli tərtib qıldığı əlifbasının Osmanlı və İran məmləkətlərində qəbul olunmadığını, avam və kütahnəzər İran vəzirlərinin, xüsusən İstambulda müqim İran səfiri Mirzə Hüseyn xanın büğz və ədavətini və filcümlə öz hali-dilini fars dilində gözəl və mövzun bir mənzumədə bəyan etmişdir ki, eyni ilə aşağıda dərc olunur. Bu mənzumə Firdövsiyi-Tusi əleyhirrəhmənin "Şahnamə"si səbkində inşad olunubdur ki, sahibinin fünuni-şerdə mahir və xoştəb bir şair olmağına şəhadət verir. Mərhum Axundov mənzumənin ünvanını bu sayaq başlayıbdır: "Qafqaz canişininin mütərcimi Kolonel Mirzə Fətəli Axundzadənin 1284-cü ildə vəsf-halına dediyi mənzumədir". Bu daimi olmayan dünyada mənim ömrüm Həsrət və qüssə ilə başa çatdı. Vətən sevgisi üzündən Çox tədbirlərə əl atdım. Ancaq səyim bir nəticə vermədi, Bu əsrdə bir könül sahibi görmədim. Türklərin və İran torpağının böyükləri Hamısı Çin xalqı kimi yatmışdılar. Cavanlığım getdi, qüvvəm puç oldu, Zövqlü və ehtiraslı bir cavan görmədim. Dəniz yolu ilə Ruma səfər etdim, Yeni alifbanı o ölkədə Bütün dövlət başçılarına göstərdim. Xəyalım çiy deyildi, çox pişkin idi. Birər-birər mənə "Yüz sağ ol!" dedilər. Dünya gözümdə behişt bağına döndü, Mənə böyük cəlal düzəltdilər, Şaha layiq peşkəşlərlə əzizlədilər. Dünya muradımca idi, fələk mehribandı. O dəqiqədə səadət mənimlə həmnəfəsdi. Birdən bir sarı üzlü kişicik Mənim arzu piyaləmə zəhər damızdırdı. Onun vəzirlərin yanına yolu vardı, Məni dinin və dövlətin düşməni kimi qələmə verdi. O natəmiz kişi bu ittiham ilə Məni hər kəsin yanında xatırlayırdı. O, türkləri dəhşətə saldı, Dövlət şurası başçılarını qorxutdu. "On illik zəhmətim onun sayəsində heç oldu, Yerdən sızıltımı göy eşitdi. Pak allah mənim köməyimə çatsın, Qiyamətdə ondan mənim qisasımı alsın". * * * * Çarəsiz Rum torpağından qayıtdım, Orada qalmaq mənim üçün uğursuz idi. Bu nəticəsiz gedib-gəlmək haqqında Oradan Tehrana xəbər göndərdim. Elmlər vəzirinin adına yoldan Ürəksevən bir məktub yazdım. Yeni əlifbanı ona nişan verdim, Onun üçün behiştə yeni bir qapı açdım. Bilmirəm onun hümmətimi alçaq idi, Ya o, gecə-gündüz sərxoş idi; Bu vəzir mənə cavab vermədi, Məqsədim üçün əl tutmadı. Başqa bir vəzir də dodaqlarını tərpətmişdi, Bu məsələ haqqında öz fikrini demişdi Ki, biz İran xalqı kiçikdən böyüyə qədər, Atəşpərəstdən xristianadək, farsdan türkə qədər, Hamımız zirək və mərifət sahibləriyik. Zəka üzündən həmişə fikirdəyik. Yazının çətinliyindən qorxumuz yoxdur, Çala-çuxurdan çıxmaq üçün korlara yol göstərən lazımdır. Heç kəsdən yeni yazı qəbul etmərik, Bizim öz yazımız və öz fikrimiz kifayətdir. Sonra bu fikri ilə güvənmişdi, Əlinin içi ilə saqqalını tumarlamışdı. O məclisdə sıra ilə oturanların hamısı Ona demişdi: "Sağ ol, ey fikir deyən! Doğru sözünə min afərin olsun! Hikmətdə sənə heç kəs bərabər ola bilməz, Qəlbin işıqlıdır, sözün sağlamdır, Onu rədd etmək üçün Ərəstu belə cavab tapmaz", Təəssüf ki, gözəl xasiyyətli şahənşahın Vəzirlərin axmaqlığından xəbəri yoxdur, Heyif ki, fərasətli və huşlu şahənşah Heyvərələrin işindən sakit oturur. Heyif ki, ədalətli hökm verən Bu əlifbanı başdan-başa görmədi, Heyif ki, onun parlaq dövründə Abırlı bir vəzir görmədik. Hamısı tamahkar, hünərsiz, ağılsızdırlar, Kim onların adını yaxşılıqla çəkər? Hərçənd onun dövrünün başlanğıcında Şərqdə İldırım kimi bir vəzir parladı, Ancaq o, ruslar ölkəsində vəzirlik edən Boris kimi bir vəzir idi. Bütün işləri şahın qarışacağı olmadan gördüyü üçün, Ömrü Boris kimi zay oldu, Bu rəmzi bu padşah anlarsa, Onun ömrü günəş və ay kimi olsun Ki, dövlət millətin pərəstarı olmalıdır. Millət dövlətin pərəstarı olmamalıdır. Ey Keyqubadın taxtında əyləşən, Onun üzərində şahlığın daimi olsun, Eşitdinmi ki, rus ölkəsində Hümmətlə, qeyrətlə, namusla Aleksandr rus millətinə nə yaxşılıq etdi? Ad çıxarmaqda dünyada kişi oldu, Eşitdinmi ki, Palmerston Britaniyalılar üçün nələr etdi? Sən Vilhelmi, O ağıllı, elm sahibi kralı eşitdinmi? Zəhmət və çalışmaqdan bir an belə rahatlanmır, Ona görə də dövründə mülkü behişt kimidir, Sən Bismarkı eşitdinmi Ki, başını göylərə yüksəltdi? Onun fikrindən nə cür tədbirlər baş verdi? Vətəni uğrunda müharibə etdi. Eşitdinmi ki, inişil, Haribaldi Öz ay üzlü arvadı ilə Nə kimi cəsarətli müharibələr etdi, Vətənini yadlardan təmizlətdi.Hər yerdə ki, o döyüşlə məşğul idi, Arvadı arxasında ona kömək idi. Sən Linkolnun Canını millətə necə qurban etdiyini eşitdinmi? Tyeri eşidibsənmi ki, indi Onun ömründən səksən il keçir. Vətəni üçün həmişə kədərlidir, O, pul və rahatlıq qayğısında deyildi, Ey padşah, vəzirlərin nə etmişlər? Onların işinə özün şahid ol! Vəzirlərin nöqsansız bir iş görməmişlər, Onlar gah qarınlarının dərdindədirlər, gah kisələrinin. Elə isə onlar bir arpaya dəyməzlər. Ey şahlar şahı, onları qapından qov! Elmli, düşüncəli vəzirlər axtar, Nəcabəti burax, bacarıq axtar Ki, məmləkət yeni bəzəklə İstədiyin qədər bəzənsin. Yeni əlifbanı işə salsınlar. Xoşbəxtlik ağacını meyvələndirsinlər. Ə z i z d o s t u m R u h ü l q ü d s ə x i t a b Çox şikayət etdim, söz uzandı, Vaz keçdim, bir daha səni görməyəcəyəm. Bu işi, bu zəhmət və xəstəliyi başa çatdırmağı Gələcək nəslə tapşırdım. Mərhum Mirzə Fətəlinin bu mənzuməsi Firdövsi əleyhirrəhmənin Soltan Mahmud Qəznəvinin haqqında yazdığı həcvə bənzəyir. Hər iki kəlamın mənbəyi bidadlıq və ədalətsizlikdən naşi şikvə və nalələrdir. Axundov ustadi-kamili olan Firdövsi-xoşnamə peyrəvilik etməkdə artıq məharət göstəribdir. İran-zəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətə kimi onu yumaq və qazımaq ilə getməyəcəkdir. Bəli, doğrudur: Çu şair berəncəd bequyəd hica, Bəmanəd hica ta qiyamət beca. [1] [1] Tərcüməsi: Şair incisə həcv deyər. Həcv isə qiyamətə kimi qalar. * * * * Mirzə Fətəli Axundovun komediyalarına gəldikdə, qəti surətdə deyə bilərik ki, Qoqol rus və Molyer firəng dram yazanlarının ustad və pişrəvi olduğu kimi, mərhum Axundov da türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yol göstərəni olubdur. Onun komediyalarının mislini bizim Azərbaycan türklərinin dram yazanları hələ bu vaxtadək kamalınca yazıb yetirə bilməyiblər; vəli bunu dəxi inkar etmək olmaz ki, Mirzə Fətəlinin sayəsində Nəcəfbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev kimi əhli-qələm, müqtədir, sahibi-idrak və kamal dramnəvislər vücuda gəlibdir. Bunların hər birisinin bir neçə komediyaları və drama məxsus əhəmiyyətli əsərləri vardır ki, indiki məişətimizin bəzi övza və əhvalını eyni ilə göstərir. Hər iki ədibin və Mirzə Fətəliyə peyrəvilik edən sair dramnəvislərin vücuda gətirdikləri əsərlər barəsində "Azərbaycan türklərinin ədəbiyyatı" adlı məcmuəmizdə müfəssəl məlumat verilir. Komediya yazmaqda elm və bilikdən səva təcrübə və bələdiyyat lazımdır və bunlardan əlavə xudadadi bir qüvvə, yaradıcı bir təb, türk istilahınca, "allah vergisi" lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikir və xəyalı ilə yoxdan var eləsin. Bu "allah vergisi", yoxdan vücuda gətirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kamalınca var imiş. Onun komediyaları qövlümüzə möhkəm və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu və Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kərim Miyançısı, Molla İbrahimxəlili və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fel və əməllərini işlətməkdədirlər. Mirzə Fətəlinin komediyaları yazılandan bu vaxta kimi altmış sənə keçibdir. Bu uzun müddətin ərzində ki, yarım əsrdən ziyadə eyləyir, məişətimizdə çəndan tərəqqi mülahizə olunmur. Ata-babadan qalma köhnə adət və ayinlər üzrə güzəran edib, onların batil əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərimizdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dəhatımız necə ki, əlli-altmış sənə bundan müqəddəm cəhalət səhrasında avara və sərgərdan dolanırdı, indi də haman qərar üzrə səfil və sərgərdandırlar. Onların nicat və səlaməti üçün çalışanlarımız yoxdur. Elm və tərbiyə almışlarımız öz mənfəəti-şəxsiyyələrini millətimizin və qaranlıqda qalan qardaşlarımızın xeyir və səlahından müqəddəm tutub, özlərini şəhərlərə verirlər. Fikir və xəyalları özləri üçün isti yer, mədaxilli mənsəb arayıb tapmaqdır. O səbəbdəndir ki, əlli ildən bəri iki qədəm də irəli yeriməmişik, bir nöqtə üstündə donub qalmışıq. O səbəbdəndir ki, Hacı qaralarımızın ədədi gün-gündən artıb çoxalıbdır və çürük bezi və qədəki qumaş mal adına imanları ilə bir yerdə satmaqdadırlar. Şəhrəbanı xanımlarımız və Xanpəri nənələrimiz hər şeydən artıq cadu-bitiyə inanıb, kişilərini aldatmağa məşğuldurlar. Hatəmxan ağalarımız firənglər ilə bizim təfavütümüzü ancaq onlar bizim adətimizə müğayir olaraq əllərinə həna qoymamaqda, başlarını qırxmamaqda, evdə başı papaqsız oturmaqda, xörəyi əlləri əvəzinə qaşıq ilə yeməkdə görürlər. Heydər bəylərimiz cüt əkməyi ancaq erməni peşəsi bilib, özlərinin şan və şövkətlərini çapavula getməkdə, qətl və qarətdə görürlər. Molla İbrahimxəlillərimiz kimyagərlik sənətini əldə bəhanə edib, min cürə şəbədəbazlıq ilə avam xalqın əlində olan nəqd və cinsini alıb, başlarına tənbaku oyunu gətirməkdədirlər. Ağa Mərdan halvaçı oğlu və Ağa Salman ələkçi oğlularımız mürafiə vəkili olub, xilafi-şər və bəd, bihesab işlər tutub, şeytanın əqlinə gəlməyən hiylə və fəsadları törətməkdədirlər. Və habelə, və habelə. Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eyni ilə göstərir. Müruri-əyyam ilə bu ayinənin üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə seyqəl verəndən sonra diqqət ilə ona baxsaq öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini aləmimizə, əmali-naməşruə və əhvali-şəniəmizə dürüst diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində uzaq getməmişik, cüzi dəyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçərimiz və mənəvi tərəfimiz haman irəliki qərar üzrə qalıbdır.... Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb onu dəlir, yaralayır.... * * * * Mərhum Axundov komediyalarına müqəddimə olaraq, ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir? Teatr nədir və ondan təhzibi-əxlaq və adaba dair böyük mənfəətlər yetişməyini müxtəsərən bəyan edir və türk imlası xüsusunda öz təsəvvüratını bildirib, komediyanı oxuyanlara və oynayanlara bir para lazım olan dəsturül-əməllər verir. Necə ki, mərhum yazır: "İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm və biri fərəh. Ağlamaq--əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti fərəhdir. İnsana bir müsibət üz verəndə qəmnak olur, əgər müsibət ağır isə ağlayır və biləks, ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır. İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqrir və təhriri dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində giryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir. Əksər övqat namərğub vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği təsir bağışlar, necə ki, naqis və kamil mərsiyəxanların məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik. Əgər nəqli-müsibət və ya behcət təbai və əxlaqi-bəşəriyyəni kəmafilvaqe [bəyan] etmək ilə təbiəti-müstəmiə məqbul və müəssir dusdu, haman nəqlin vazeinə və musənnifinə həkimi-rovsənrəvan və arifi-təbaeyi-insani deyərlər və naqilinə suxənguyi-qabil...." Burada naqili-süxənguy və raviyi-şirinməqal ilə bizim işimiz olmuyub da, müsənnifi haqqında, yəni mərhum Mirzə Fətəli barəsində kamali-cürət ilə deyə bilərik ki, onun komediyalarını oxuduqda bizə yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq "həkimi-rövşənrəvan və arifi-təbaeyi-insanidir". Çünki bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə də doğrudan ağladır. Bu məharət və qabiliyyət və təbaeyi-insana bələdiyyət ancaq o mərhumun komediyalarında görünür. Mərhumun dramnəvislikdə izhar qıldığı mərifət və kamal doğrudan da vəsfə gələsi deyil. Onun təmsilatından hansı birisini ələ alıb oxuduqda, olduğumuz övza və zamanı bilaixtiyar unudub, özümüzü Mirzəyi-mərhumun yazdığı zamanda, vəsf qıldığı övza və dəsgahın içində dərk edirik, əfradi-məclis guya bir-bir gözümüzün önündən və əlvan libaslarında gəlib keçirlər. Biz onların hərəkət və sükunatını, necə ki, var, müşahidə edirik, danışdıqları söhbəti eşidib, gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq. Timsal üçün Axundovun baş komediyası hesab olunan "Sərgüzəşti-mərdi-xəsis" adlı təmsilatı ilə ki, başqa ibarə ilə "Hacı Qara" adlanır, oxucularımızı tanış edib, Hacı Qaranın qaçaqlığa getməkdən qabaq arvadı Tükəz ilə danışdığı söhbəti necə ki, var--məqamında yazırıq! Bu əcibə komediyanın keyfiyyəti beş məclisdə bəyan olunur. Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar böyük bir palıd ağacının dibində, aydınlıq gecədə. Heydər bəy yoldaşları ilə bir yerdə istəyir gedib nişanlısı Sona xanımı götürüb qaçsın. Bu barədə Səfər bəy ilə danışır. Heydər bəy qoçaq bir oğlandır ki, öz el və obasının içində igid adlanır, dava-döyüşdə, soyquntu və basqıntıda ad çıxarıbdır. Amma onun pulu yoxdur ki, toy edib, nişanlısı Sona xanımı gətirsin. Heydər bəy təəssüflə keçmiş zamanı yadına salıb deyir: "Hanı o gözəl vaxtlar ki, hər ayda bir karvan çapmaq, bir ordu dağıtmaq olurdu. İndi nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü. Əgər qoşuna getmək istəsən də gərək çıplaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmət ilə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq və bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı osmanlı və qızılbaş döyüşü ki, bir vaxt Qarabağı qızıl-gümüşə boyamışdı. Belə bir döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən olum, bir hünər göstərim ki, Rüstəmi-dastan da göstərməmiş olsun". Sonra naçalnikin ona etdiyi buyruğu yadına salıb deyir: "Qulaq as, gör naçalnik mənə nə deyir: "Heydər bəy, rahat otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə!" Peşiman olub dedim ki, bu əmrə biz də rağib deyilik. Amma siz cənaba lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Naçalnik mənə deyir ki: "Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə". Naçalnikin bu təklifi Heydər bəyin damağına bərk dəyir və o, Səfər bəyə şikayət təriqi ilə deyir: "Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya lənbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm!" Heydər bəyə yoldaşı Səfər bəy məsləhət görür ki, Sona xanımı götürüb qaçsın və toy xərci aralıqda itsin. Bu xüsusda Heydər bəy dostu Əsgər bəyi də məsləhətə çağırıb imiş ki, məsləhət olsa, gedib bir yerdə Sona xanımı götürüb qaçsınlar. Amma bu işdə Heydər bəyin könlü yoxdur. Əvvələn, ehtiyat edir ki, qızın ata və anası gedib naçalnikə ondan şikayət eləsinlər və o yenə təzədən qaçaq düşsün və saniyən, Heydər bəy tay-tuşun və el-obanın tənindən qorxur ki, desinlər Qurban bəyin oğlu toy etməyə pul tapmayıb, öz nişanlısını götürüb qaçdı. Əsgər bəy də qızı götürüb qaçmağı yoldaşının şəninə layiq görmür. Onun məsləhəti ilə sözü bir yerə qoyurlar ki, ağcabədili Hacı Qaradan müamiləsi ilə pul götürüb, gedib İrandan qaçaq malı gətirsinlər və onun qazancı ilə toy eləsinlər. Bu məsləhəti Heydər bəy öz nişanlısı Sona xanıma deyir. Heydər bəyin sözləri əvvəlcə Sona xanımın əqlinə yerləşmir ki, onun pulu olmaya-olmaya qaçaq malını nə ilə alacaqdır və təkid edir ki, haman gecə onu götürüb qaçsın. Amma sonradan anasının səsini eşidib, tələsik Heydər bəy ilə ayrılır və onun qaçaq malı almağa getməyinə razı olur. İkinci məclis vaqe olur Ağcabədi kəndində. Xəsis Hacı Qara dükanında oturub, bazarın kəsadlığından və malın satılmadığından şikayət edir. Şuşa qalasında ona çit, qədək, bez satanın qarasınca söylənib, ağzına gələn nifrin və bədduanı haqqında edir ki, ona çürük mal satıbdır. Bu halda Heydər bəy yoldaşları ilə Hacının yanına məlum mətləbdən ötəri gəlirlər. Hacı Qara onları müştəri hesab edib sevinir və neçə dəqiqə bundan irəli pislədiyi çürük malı başlayır tərif etməyə. Əsgər bəy deyir ki, biz parça almağa gəlməmişik, başqa bir mətləbdən ötrü gəlmişik. Bu sözlərdən xəsis Hacı məyus və mükəddər olub, istəyir ki, bir növ bunları başından rədd eləsin. Sonra mətləbdən xəbərdar olub və az vaxtın içində yüz manat qazanc etmək sözünü eşidib sevinir və bəylərin təklifini qəbul edir. Hacı özü də onlar ilə Təbrizdən qaçaq malı almaq fikrinə düşür və sözü bu məqamda qoyurlar ki, hazırlaşsınlar və Hacı lazım olan qədər pul götürsün ki, haman gecə yola düşsünlər. Hacı Qara cəld dükanı bağlayıb evinə gəlir. Əlində açar sandığın ağzını açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb, əlahiddə kisələrə qoyur. Sonra gedir tüfəng-tapancasını, xəncərini, qılıncını gətirir yığır qabağına. Bu halda arvadı Tükəz yetişir. T ü k ə z--A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? H a c ı Q a r a--Səfərim var, yola çıxacağam. T ü k ə z--De görüm, hara gedəcəksən? H a c ı Q a r a--Sənə deməli deyil. T ü k ə z--Necə, deməli deyil? Quldurluğa ki getmirsən, məndən gizliyirsən? H a c ı Q a r a--Elə bir elə zaddır. T ü k ə z--Bəs elə zad isə heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır). H a c ı Q a r a--Dükanı allah batırsın, malı yoxa çıxsın, satılır məgər? Qoymazsan başımın çarəsin görüm? T ü k ə z--A kişi, başına nə gəlibdir ki, çarəsin görəsən? Nə danışırsan? H a c ı Q a r a--Dəxi nə gələcək, evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir! T ü k ə z--Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə eyləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən? H a c ı Q a r a--Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlini uzadıb tüfəng, tapancanı dartıb alır). T ü k ə z--Yəni sən bu yaraqları qurşanıb, olar ilə adam qorxudacaqsan? Bu tüfəng, tapancanın iyirmisin üstünə götürsən, mən bu arvadlığım ilə səndən qorxmaram. Torpaq sənin başına! (İki əlli başına qarıyır). H a c ı Q a r a--Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün. İtil burdan!. T ü k ə z--Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm. De görüm hara gedirsən? H a c ı Q a r a--Cəhənnəmə, gora! Əl çəkməzsən?! Nə istəyirsən məndən? T ü k ə z--Kaş, cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi, toy-bayram edim. Çifayda, əzrailin yolu yumrulsun, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır. H a c ı Q a r a--Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə zərər yetirməmişəm. Mən niyə murdar oluram? T ü k ə z--Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən. Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib içirsən, nə ailənə məsrəf edirsən. Sən ölsən heç olmasa arvad-uşağın doyunca çörək yeyər. H a c ı Q a r a--Arvad-uşaq zəhirmar yesin! T ü k ə z--Sənin evində zəhirmar da tapılmaz. Olsaydı onu da qıyıb bizə verməzdin.... (Bu halda bəylər çağırır: Hacı, Hacı!) H a c ı Q a r a--Arvad, çəkil get, adamlar gəlir. (Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır). Üçüncü məclis vaqe olur Arazın kənarında. Hacı Qara qaçaq malı alıb, yoldaşları ilə geri qayıdan zamanı Arazı keçəndə az qalır suya düşüb boğulsun. Heydər bəy kəmənd atıb, Hacının belinə salır və ənvai-müsibət ilə çəkib çıxardır. Bir az yol gedəndən sonra qaçaqçılar Ohan yüzbaşıya üstünün on nəfər yaraqlı-əsbablı adamları ilə rast gəlirlər. Bunlar isə murovun hökmü ilə Əylis ermənilərini soyan qaçaqları axtarmağa çıxıblarmış. Heydər bəy Ohan yüzbaşının üstünə hücum edib elə bağırır ki, öz qoçaqlığından dəm vuran Ohan yüzbaşı özünü itirir və adamları ilə qaçıb dağılırlar. Ermənilərdən birisi (Sərkis) Ohandan soruşur ki: "Ay yüzbaşı, murov soruşsa ki, bir adama rast gəldinizmi, nə deyək?" Ohan yüzbaşı deyir ki, soruşsa deyərik: "Dəvə gördünmü, qığını da görmədik".... Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə. Hacı Qara yoldaşlarından ayrılıb, yüklü atın üstünə minmiş, nökəri Kərəməli ilə Ağcabədi səmtinə gedirlər. Hacı Qara tələsir ki, özünü kəndə yetirsin, ta ki, sabah firəng malını bazara çıxarıb, baha qiymətə satsın; amma Hacı Qaranın arzusu hasil olmur. Xonaşin dərəsində biçindən qayıdan iki nəfər tuğlu ermənisinə rast gəlir. Hacı Qara bunları murov yasavulu hesab edib, başlayır hədələməyə. Ermənilər hər çe səy edirlər ki, özlərini ona tanıdıb, fəqir biçinçi olmaqlarını bildirsinlər. Qorxaq Hacı Qara müqabilində aciz, əlsiz və ayaqsız adamları görüb, onların kim və nəçi olduğunu bilmək və sözlərinə qulaq asmaq istəmir. Burada mərhum Axundov özünün xeyli dəqiq və qəlbşünas (psixologiya) elmindən baxəbər olduğunu sübuta yetirir. Necə ki, İspaniya ədibi Servantesin Don-Kixotu dəyirmanı böyük bir pəhlivan hesab edib, onunla davaya girişir, habelə də Hacı Qara biçinçi erməniləri murov yasavulları və yainki quldur hesab edib, istəyir onlara qalib gəlsin və təkid edir ki, yaraqlarını yerə atsınlar. Ermənilər oraqlarını yerə atıb deyirlər: "Budu bizim yarağımız". Hacı Qara inanmayıb, tüfəngi bunların başının üstündə atır, ermənilər bərk qorxur, eşşək ürkür və erməninin birisi (Arakel) onun üstündən yerə yummalanır. Tüfəngin səsini murovun yasavulları eşidib, Hacı Qaranı və erməniləri tutub, murovun hüzuruna aparırlar. Murovun hüzurunda Hacı Qara deyir ki, ermələr onu soymaq istəyirdi. Ermənilər dəxi Hacı Qaranı müttəhim edirlər. Murovun hökmü ilə Hacı Qaranı və erməniləri dustaq edirlər. Hacı Qara başlayır ağlamağa: "Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm. Çibindən birəyədək başlayacaqdır soruşmağa. De gəl boş-boş suallara cavab ver, gözlə ki, axırı olacaq". Hər şeydən artıq Hacı Qara rus divanının "get-gəlindən" qorxur. "Zavtra-zavtra"nın həddən ziyadə olan xərc və xəsarətini tamahkar Hacı nəzərə alıb, başlayır uşaq kimi ağlamağa. Bu bəlaların hamısı onun başına tamahının gücündən gəlir. Tamah kişiyə o qədər güc gətirir ki, rahat kəsbini buraxıb, qaçaqçılıq kimi qorxulu və haram işə gedir. Burada az qalır ki, Araz çayında axsın. Bu xatadan qurtarıb, evinə yetişha-yetişdə murovların əlində dəstigir olur. Yəqinlik ilə demək olur ki, Qoqol Plyuşkinin xəsisliyini o qədər dürüstlük və məharətlə yazıb yetirə bilməyib, necə ki, mərhum Axundov Hacı Qaranın xəsisliyini, qorxaqlığını, zahiri və batini aləmini ədibanə təhrir qılıbdır. Qoqolun yazmağında bəzi mübaliğat və təbiəti-insana uymayan sifətlər nəzərə gəlir. Amma Hacı Qaranın xülq və xasiyyətində, tamahkarlığında zərrə qədər də kəm-kəsir yoxdur. Bu tamahkar şəxsin mislini, yəqin ki, hər bir bəsirət əhli indi də görüb müşahidə etməkdədir. Hacı qaralarımız hala fot olub qurtarmayıbdır. Onların ədədi artır ki, azalmır. Beşinci məclis vaqe olur Heydər bəyin obasında. Heydər bəy alaçığın içində oturubdur. Bundan bir gün irəli toy olub, çöldə zurna, qaval çalınır. Cahıl uşaqlar oynuyub oxuyurlar. Sona xanım Heydər bəy ilə şirin söhbət eləyir və ondan təvəqqe edir ki, bir də gəzməyə, oğurluğa və əyri yola getməsin. Bu halda Hacı Qaranın arvadı Tükəz daxil olub deyir: "A başına dönüm, mənim ərimin başına nə iş gəlibdir ki, indiyədək nə özündən və nə nökərindən bir xəbər yoxdur?". Heydər bəy Tükəzə təsəlli verir ki, qorxmasın, gəlib çıxar. Bu əsnada qışqırıq qopur, murov və naçalnik üstünün atlıları ilə alaçığı əhatə edirlər. Heydər bəy qabağa çıxır. Naçalnik ona deyir ki, Ohan yüzbaşının xəbər verməyi ilə Əylis ermənilərini soyan odur. Heydər bəy deyir ki, "Naçalnik, belə mujikin sözünə etibar edib, məni bədbəxt etmə". "Mujik" sözü Ohanın damağına dəyir. 20 il vilayət böyüklərinə qulluq edib rizaməndlik kağızı və medal almağını naçalnikə sübut etmək istəyir və bu barədə çox tul danışıb naçalnikin övqatını təlx edir və öz üstünə açıqlandırır. Bu aralıqda Hacı Qaranı və biçinçi erməniləri gətirirlər. Və sonradan Hacı Qaranın nökəri Kərəməlini yük ilə gətirirlər. Hacı Qara Kərəməlini və malının tutulmağını görən kimi yıxılıb özündən gedir. Naçalnik və qeyriləri bu hala təəccüb edirlər. Amma Heydər bəy keyfiyyəti anlayıb, olan əhvalatı kəmayənbəği naçalnikə söyləyir və qaçaqlığa getməyinin səbəbini bəyan edir. Bu əsnada Sona xanım irəli yeriyib deyir: "Başına dönüm, bizi padşahın başına çevir! Qul xətasız, ağa kərəmsiz olmaz. Yaz, bu işi yuxarıya bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, Heydər bəyi heç bir yaman işə qoymuyam". Naçalnikə Sona xanımın sözləri təsir edir və o, Heydər bəyi yoldaşları ilə zaminə verir. Sona xanıma deyir ki, sənin gözəlliyinə və göz yaşına rəhm edib, Heydər bəyi səndən ayırmadım, ondan muğayat ol ki, yenə bir pis iş tutmasın. Sənin zaminliyin hər bir kəsin zaminliyindən etibarlıdır. Xudahafiz deyib getmək istəyəndə Hacı Qara deyir: "Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər". Naçalnik onun da təvəqqeyini yerinə yetirir. Hacı Qara başlayır ona dua etməyə. Pərdə salınır. Bizim bu kitabçamızda o qədər genişlik yoxdur ki, Axundovun sair komediyaları ilə də oxucularımızı aşina edək. Bu işi özgə bir vaxta qoyuruq. Bundan maəda biz belə zənn edirik ki, əhli-savaddan az adam tapılar ki, Mirzə Fətəlinin komediyalarını oxumamış olsun və bir də onlardan hər birisi dəfə-atla səhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elə şəhər və qəsəbəsi yoxdur ki, mərhumun komediyalarından biri, ikisi oynanılmamış olsun. Burada ancaq məzkur komediyaların adlarını yazmağa iktifa edirik. "Hekayəti-molla İbrahimxəlil kimyagər". Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Təsnif olubdur hicrətin 1267-ci tarixində. "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah məşhur cadugün". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə. "Hekayəti-xırs quldurbasan". Keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır 1268-ci sənədə. "Sərgüzəşti-vəziri-xani-Sərab". Təmsili-güzarişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Yazılıbdır hicrətin 1267-ci sənəsində. "Sərgüzəşti-mərd-xəsis" (Hacı Qara). Təmsili-güzarişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu tarixdə. "Mürafiə vəkillərinin hekayəti şəhri-Təbrizdə". Qəribə bir təmsildir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci tarixdə. Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücuda gəldikdə cümləni heyrətə salır. Bu qisim əsərlər, yəni komediya o vaxtacan müsəlmanlar arasında görülməmişdi. Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, lətafət və mühəssinat ilə dolu; Azərbaycan türklərinin dolanacağını, adət və adabının ayineyi-həqiqətnüması. Əlhəqq, bunlar xəzinə malıdır.... Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikir və diqqətini öz tərəfinə cəlb edir. Əcnəbi qövm və tayfaların gözü önündə təzə bir dünya açılır. O səbəbdəndir ki, bu komediyalar hənuz türk dilində çapa verilməmiş rus dilində 1853-cü tarixdə təbdən çıxır*. Bu komediyaların şöhrət və sədası artıq sürət ilə hər yerə dağılır. Onların barəsində rus və Avropa dillərində çıxan jurnal və qəzetələrdə gözəl məqalələr yazılır. Çox çəkmir ki, Axundovun komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin (sekretarı) kargüzarı Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib, Tehranda çapa verir. Avropa üdəba və lisaniyyuni bu komediyalardan bəzini öz dillərinə tərcümə edirlər. 1882-ci sənədə İngiltərədə "Sərgüzəşti-vəziri-xani-Sərab" ingilis dilinə tərcüməsi ilə bir yerdə dərc olunur. Bu tərcüməyə əlavə olaraq məxsus lüğət və bir para qeydlər qoşulur. 1886-cı tarixdə məşhur ədib Barbiye dö Meynar Parijdə "Journal Asiatique" adlı cəridədə "Hekayəti-İbrahimxəlil-kimyagər"i çap eləyir. 1889-cu ildə Stokholm lisaniyyun cəmiyyətinin jurnalında "Hekayəti-xırs quldurbasan" təb olunur və haman sənədə Alfons Silyer ismində bir şəxs fars dilində "Vəziri-xani-Sərab" ilə "Mürafiə vəkilləri"ni çap etdirir və yenə haman sənədə Vyana şəhərində professor Vahrmund "Həkimi-nəbatat müsye Jordanı"ın fars dilindəki tərcüməsini lüğəti və bəzi qeydləri ilə məən çap etdirir. Bu komediyalardan əlavə, Mirzə Fətəli Axundov tarixi-islamiyyənin 1273-cü sənəsində ki, tarixi-məsihiyyənin 1857-ci ilinə mütabiqdir, "Aldanmış kəvakib" və yaxud "Hekayəti-Yusif şah" adında qəribə bir hekayət yazıbdır. Bu hekayətin vüqui Səfəviyyə padşahlarından Şah Abbasın zamani-səltənətinə təsadüf eləyir. Bu təəccüblü əhvalatın həqiqətdə İran-zəmində vaqe olub-olmamasına söz verə bilmərik. Amma yəqinən təsdiq edə bilərik ki, bu qisim əhvalat orada baş verə bilər. "Aldanmış kəvakib"də mərhum Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin sırf avamlığını və öz ali mənsəblərinə əsla layiq olmadıqlarını göstərmək imiş ki, insafən bu mətləbi müsənnifi-mərhum böyük məharət və ustadlıq ilə bəyan edir. "Aldanmış kəvakib"i oxuduqda yəqinlik hasil olur ki, İranın viran olmağına, "Dövləti-əliyyənin" belə zəif və nəhif hala düşməyinə "ümənayi-dövlət" və "üləmayi-kiram" və "vüzərayi-zəviyül-ehtiram" olublar. Bu həqiqət və doğrunu Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətlə öz qüsurlarını, dənaət və səfahətlərini kamali-iftixar ilə bəyan edirlər. Köhnə və şövkətli İranı xarab və pozğun hala salan cahilanə tədbirlərini hüsn-xidmət və böyük hünər məqamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. "Aldanmış kəvakib"i oxuyandan sonra Mirzə Hüseyn xanın mərhum Mirzə Fətəli Axundova nisbət olan büğz və ədavəti hansı mənbədən qaynayıb cuş etməyi vazeh olur. Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus olan istedad və qabiliyyətlərindən birisi də budur ki, öz təmsilat və hekayətlərində əhvalat və güzarişatı söylənən əşxasın hər birini öz dili ilə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin dilindən söz söyləyir isə, elə bir sayaqda söyləyir ki, guya mərhum haman o sinfin özündəndir və yainki onların sözlərini eşitdikdə bir-bir sinəsinə yığıbdır. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində elə bir nəməkrizlik, məlahət və zarafət var ki, hər kəs onun kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür. Mirzə Fətəlinin təbiətində zövq və xoştablıq mayəsi və yaranmasında zarafət və lətafət xəmirəsi olduğuna binaən həmişə meyli zarafatçı, lətifəgu və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik, zərifanə danışıb gülmək onun təqazayi-təbiəti olduğundan bəzi işləri və danışıqları dəxi başdan ayağa gülünc və zarafət imiş. Onun dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr. Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəməyi-üzəmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə diqqət yetirilsə, həmən sözlərin cümləsi mayeyi-istehza və gülünc olmağına şübhə qalmaz. Belə ki, məsələn, sərdar Zaman xan özünün sahibi-əql və tədbir olmağını hüzzari-məclisə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan osmanlı qoşununun İran üstünə hücum eləməyindən söz açıb deyir: "Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyil idi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyənin qoşununu güruhi-zallənin müqabilində tələfə verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər, körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa (Osmanlı əsgərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özüylə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadəsi ilə ənvai-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı. Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin [hücum gətirmək] ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin v?hs?ti ucun salim qald?. Bel? isl?r xususunda asitaneyi-?liyy?nin qoca iti t?dbir gost?rm?kd? aciz deyil! Amma k?vakib il? muxalif?t etm?kd? ?qlim h?r bir ?lacdan qasir gorunur....". Sərdar Zaman xanın bu gunə öz hüsn-xidmətlərini tərif edib ağıllı və tədbirli binagüzarlıqlarını vəsf etməyi doğrudan da adama gülünc gəlir: "Əsakiri-mənsurə" "güruhi-zallənin" hücumuna davam gətirə bilməyib qaçır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı qan da tökülmür. Bu heç! Amma öz əlləri ilə vətənin viran olmağı, əkinçilərin ziraəti, bağbanların bağ və bostanları dağılıb alt-üstə çevrilməyi, mal-məvaşinin pərakəndəliyi, yolların xarab olmağı, körpülərin uçub dağılmağı iftixar ilə şahın hüzurunda söylənir və şahın "asitaneyi-əliyyənin qoca itinə" əsla qəzəbi tutmur. Bu çox qəribədir! Sərdari-rövşənzəmirin tədbir və səlahdidi ilə yolların dağınıq və körpülərin uçuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamaqlarına hökm olundu, zira ki, "taifeyi-bikanənin" hücumundan ehtiyatda olmaq lazımdır. Həqiqətdə həm gülməli və həm ağlamalı halətdir! Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət mümkünmüdür? Xanemani ke, to başi məhrəm, Vay bər siyrəti-an əhli-hərəm.[2] [2] Tərcuməsi: Bir ailəyə ki sən məhrəm olasan, Vay o ailə uzvlərinin halına. Mərhum Mirzə Fətəli Axundov öz əsrinin ürəfa və üdəbası ilə tanış idi və cümləsinə onun hüsni-təsiri var imiş. Xüsusən, onunla Qarabağın ən müqtədir şairi Qasımbəy Zakir təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş. Zakir Qarabağ mahalında vüquə gələn əhvalatdan və orada sakin olan ruhani sinfinin, ürəfa və nücəba qisminin əfal və əmalından və ələlxüsus elat əhlinin dolanacağından və övzai-məişətindən məlumat cəm edib, cabəca gözəl və sadə şerlər vasitəsi ilə yazıb, dostuna göndərərmiş. Bəzi rəvayətə görə, "Hacı Qara" təmsilatının məal və məzmununu filcümlə Mirzə Fətəliyə Qasımbəy veribdir və mərhum Axundov onu qəribə bir dona geyindirib, məşhur "Mərdi-xəsis" komediyasını tərtib qılıbdır. Məlum ola ki, Qasımbəyin bəradərzadələrindən Behbud adında bir nəfəri qaçaqlığa qurşanıb, Qarabağda çox fəsadlar törədərmiş. Qasımbəy nahaq yerə bir neçə bədxahların təhriki ilə divan əmələsinin nəzərində müttəhim olub, oğlanları ilə Qarabağdan sürgün düşür və bir neçə ay məhbusvar Bakıda sakin olur. Mərhum Mirzə Fətəli dostunun xilası üçün çalışır və axırda onun təmizə çıxıb vətəninə qayıtmağına səbəb olur. Mərhum Zakir bir kağızında bu barədə dostunu tərif edib yazır: Aşina, müsahib, yar, həmsayə Lazımdır yetişə qövrə, hərayə. Kitabətin dəyər mülki-dünyayə, Nə hacət istəmək simü zər səndən? Tək yaradıb səni vahidi-yekta, Əxlaqına, ətvarına mərhəba! Neyləmişsən Molla Səfi, Bəybaba, Məmnundur, əzizim, bu qədər səndən. O vilanın yoxdur bu yer tək pisi, Təqəllübü, hərzəkarı, xəbisi; Yaxşı gördüm tamam əhli-Tiflisi, Razıyam, nəhayət, biştər səndən.... Başqa bir naməsində Qarabağın tamamı əhvalını və keyfiyyəti-macərasını cabəca yazıb, naməni bu sayaq qurtarır: Çəkilib köksümə dağlar, düyünlər, Kafirə olmasın nəsib bu günlər. Qınamasın məni könlü bütünlər, Fikrim dağınıqdır, xatirim övraq. Məqsudumuz hasil olmadı bizim, Yeksandır hicrində gecə-gündüzüm. Bu bədbəxtin halətindən, əzizim, Barı o vilada olgil göz-qulaq. Gərçi vilayətdə çox idi əhval, Müyəssər olmadı şərh edəm əlhal. Bir parasın yazıb eylədim irsal, Bu şərt ilə nə diş bilsin, nə dodaq. Ziyarət eyləyib Şeyxülislamı, Zakiri-həzindən yetir salamı, Hacı Yusif, Molla Əhməd tamamı, Haçan ola bir də deyək, dan?saq?.... Zakirin Mirzə Fətəliyə yazdıqları məktubat barəsində Azərbaycan türklərinin ədəbiyyatı xüsusunda yazdığımız məcmuədə təfsilən məlumat verilibdir. Mirzə Fətəlinin Qasımbəyə nəzmlə yazdığı kağızlardan ancaq birisi ələ düşdü ki, burada dərc olunur. Bu məktubi-mənzuməni mərhum Mirzə Fətəli dostu Zakirə yazıbdır ibtidai-məhərrəmdə, 1271-ci tarixdə, Mehdiqulu xanın qızı Xurşudbanu bəyim Natəvan haqqında. Məlum olur ki, o vaxtlarda Qasımbəy Xanqızına çox yaxın imiş. Mirzəyi-mərhumun yazdığı qafiyələr zarafat təriqincədir: Qasımbəy, eşitdim yaxın olubsan, Xanqızına, axır nədir bu rəftar? Edibsən xubları yüz yol imtahan, Eylərsən onlara yenə etibar. Yeyib otağında şamü nəharın, Kəsdiribsən yasdığının kənarın. Eşidirsən şirin-şirin göftarın, Kişi, sənin, vallah, əcəb işin var! Dediyin qafiyə ona xoş gəlib, Qaçan bəxtin indi sənə tuş gəlib, Sevdalı başına təzə huş gəlib, Təəccüb eylərəm büsyar-büsyar. Səni pərivəşlər salıb bu halə, Döndəriblər əlif qəddini dalə, Çəkərdin onlardan həmişə nalə, Nədir yenə dildə əzbər olub yar? Xanqızı məhvəşdir, el bilir, aləm, Məhvəşlər atəşdir, bizik ağlı kəm; Yüz il xidmət edə oda bir adəm, Yenə düşən dəmdə ona, bil, yanar. Xudadən istərəm versin muradın, Yamanlığa hərgiz çəkməzəm adın. Yolunda zəhmətin, rənci-ziyadın, Mən çəkdim, o etdi məni şərmsar. Özgə cəfalarım dursun kənarə, Nə lazım hər birin salmaq şümarə, Xeyr işinə onun mən o diyarə Şadü xürrəm getdim, qayıtdım bəs xar. O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Novcavandır, təkdir iyzədi-davər, Eyləsin ömründən onu kamgar. Rəvadırmı çəkə bixurdü bixab, Bəstəri-möhnətdə bu qədər əzab?! Duayi-xeyrinə eylədin şitab, Siz də mənim kimi hər leylü nahar. Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı, Olsun ona mövlam yavərü qəmxar. Mənim də var gərçi bir az günahım, Sən get hüzuruna, ol üzrxahım. Söylə ki, ey şahım, ay qibləgahım, İncimə, gər etdim şikayət izhar! Mirzə Fətəlinin bu şerləri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Bu şivədə şer yazmağı, çox ola bilər ki, Mirzəyi-mərhum Zakirdən əxz etmiş olsun. İbtidayi-kəlamda Mirzə Fətəli Xurşudbanu bəyimdən bir azacıq gilayə izhar edir. Bundan məlum olur ki, onların mabeynində cüzi bir soyutluq əmələ gəlib imiş, vəli kəlamın axırında paki-zəmir Mirzə öz xətasına müqirr olub, dostundan təvəqqe eləyir ki, Xanqızının hüzuruna gedib, üzrxahlıq etsin və şikayət izhar qılmağından rəncidəxatir olmasın. Mirzə Fətəli mərhumun bu kağızı Xurşudbanu bəyimin bəstəri-qəmdə mərizə olduğu zaman və hala təsadüf edir və yəqinlik hasil olur ki, Mirzəyi-mərhum bu şerləri Qasımbəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasımbəyin kəlamından belə məlum olur ki, Xurşudbanu bəyimin bir müddət övladı olmurmuş və övlad ümidi ilə o mərhumeyi-məğfurə özünə müalicə etdirib, ondan naxoş olubdur. Bu əhvalın doğru olmağı Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşkara görünür. Zakir yazır: Sipehri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Gülşəni-Xəlilin nihalı sənsən, "Barvər istərəm xudadan səni"! Məsihi çıxardan ərşi-əlayə, Salan üftadələr başına sayə. Yetmişdə İshaqı verən Sarayə, Qurtarsın bu rəncü ənadan səni. (Xanqızının müalicə etməyinə işarə) Çubi-çinn nədir, qibləsən, nəsən? Təəccüb eylərəm bu əhvalə mən. Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadan səni. Axundov yazır: O qafiyən mənə çox etdi əsər, Qalmadı könlümdə ondan bir kədər. Novcavandır, təkdir, iyzədi-davər, Eyləsin ömründən onu kamgar! Belə pəriruyun, heç səni tarı, Rəvadırmı qəmdən sola üzarı? Həm xələfdən xali ola kənarı, Olsun ona mövlam yavərü qəmxar. Mirzə Fətəlinin, eşitdiyimizə görə, yenə də bir neçə türki və farsi əşarı vardır və lakin mətəəssüf nə onları, nə Rzaqulu xan Hidayət təxəllüsün tarixinə yazdığı tənqidi və nə də Tehran şairi Süruş təxəllüsün qəsidəsinə təhrir qıldığı tənqid məqaləsini axtarıb tapa bilmədik. Bu əsərləri Axundovun fərzəndi-giramisi mərhum Rəşidbəy bizə göndərməyi vədə etmişdi. Heyfa ki, ona da əcəldən macal olmadı. Bu halda Mirzə Fətəli Axundovun təvəllüdündən yüz il (bir əsr) və vəfatından otuz üç sənə (bir dövr) gəlib keçir. Bu uzun müddətin ərzində biz Azərbaycan türkləri qəflətdən ayılıb, necə ki, lazımdır, özümüzü tanımamışıq, vəq və heysiyyətimizi layiqincə dərk etməmişik, milliyyət və bəşəriyyət hissi bizlərdə ayılmayıbdır. Əsil və nəsəbimiz kimlərdir, vəzifəmiz nədir, dünyada zindəganlığımızdan murad nədir?--bu qisim suallar başımıza gəlməyibdir, qəflət və kəsalətimizə xələl yetirməyibdir. Filhəqiqə, əgər biz özümüzü tanıyıb bilsə idik, şərafəti-milliyyəmizin hifz və izdyadına çalışsa idik, bu qədər dalda və töhmətlər altında qalmaz idik. Biz də sairlər kimi öz millət qeydi çəkənlərimizin, təriqi-hidayətə bizi dəvət edən üləmamızın, xoştəb və müqtədir şairlərimizin, eyblərimizi zərifanə açıb göstərən ədiblərimizin qədrini bilərdik. Mərhum Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müasiri idi. Hər iki ədib zatən psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, səfahət və həmaqətini, büxl, həsəd, şərarət və fəsadını, zahiri və batini aləmlərini görürlərmiş. Zahirdə güldükləri adamların halına ürəkdən yanıb ağlayırlar və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissləri oyadıb, məhəbbət çırağını yandırırlar. Bununla bəşəriyyət aləminə böyük xidmət göstəriblər. Rus milləti Qoqolun qədrini bilib, onun adı ilə iftixar və qədrşünaslıq vəzifəsini ifa etməkdədir. Amma biz möhtərəm və bimisl ədibimizin haqqında heç bir yaxşılıq etməmişik və bu anacan o mərhumun qədr və qiymətini bilməmişik. Ancaq 1903-cü sənədə oktyabrın 27-də Bakı şəhərində cənab Əlimərdanbəy Topçubaşovun və mərhum Həsənbəy Məlikovun və sair maarifpərvər şəxslərin səy və ehtimamı ilə mərhumun komediyalarının təb və intişarından əlli sənə keçməklik münasibəti ilə bir məclisi-ceşn tərtib olunub, məzkur komediyalardan "Hacı Qara" səhneyi-tamaşaya qoyulmuşdu və "Kaspi" ruznaməsinin 232-ci nömrəsində cənab Əlimərdanbəy Axundovun tərcümeyi-halına və asari-qələmiyyəsinə dair ətraflı məlumat vermişdi. Bu ittifaq çəndan əhəmiyyətli olmasa da, bir növ qəflətdan ayılmağımıza şəhadət verir. Eşitdiyimizə görə, möhtərəm bəradərimiz Əbdürrəhimbəy Haqverdiyev mərhum Axundovun yadigaranəsi üçün tərtib qıldığı əsərində onun bahadırlarını ki, ibarət ola Hacı Qaradan, İbrahimxəlil kimyagərdən, Məstəli şahdan, Teymur ağa və qeyrilərindən, mərhumun özü ilə bir yerdə tamaşa səhnəsinə gətirir və burada onlar Axundovdan itab ilə sual edirlər ki, axır biz sənə nə eləmişdik ki, sən bizi aləm içində rüsva və bədnam etmişsən. Mərhum Axundovun onlara cavabı nə olacağı bizə hələ məlum deyil. Amma biz bilmirik ki, o mərhumun, ruhi-pakı bizim müqabilimizdə durub bizdən sual etsə ki, mən bu qədər sizin xeyir və səlahınız üçün çalışdım, eyblərinizi açdım, tərəqqi və səadət yolunu göstərdim, əlifbanızın islahına, dilinizin asanlığına çalışıb, ömrümü çürütdüm, bu qədər zəhmət və küdurətimin əvəzində heç məni yad etdinizmi? Mən göstərdiyim batil və fəsad əməllərinizdən daşındınızmı, cəhalət çəngindən xilas olmağa çalışdınızmı?.... Bu suallara, əlbəttə, bizim binalı və tutarlı cavabımız olmayacaqdır. Ancaq xəcilanə bunu izhar edə biləcəyik ki, bu anacan biz qəflətdə olduq, sənin qədrini bilmədik, kərəm et, bizi əfv qıl. Bundan sonra bacardığımız xidməti haqqında müzayiqə etmərik, sənin adına kitabxanalar və məktəblər güşad edərik, əsərlərini çap etdirib əbnayi-vətən arasında yayarıq ki, onları mütaliə edib, amal və əfkarını bilsinlər, nicat və səadət yoluna düzəlsinlər.... * * * Müsəlman müəllimlərinin hümməti Hər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər. Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır. "Hacı Qara" bir sayaq doğru və düz yazılıbdır ki, bu mərdi-xəsisin əxlaqi-ətvari, xəsasət və ləimliyi, cifəyi-dünya üçün dini və imanı və hətta əziz canı fənayə verməsi, dünya malı üçün yalan söyləməyi, and içməyi bir tövr təhlil olunubdur ki, guya mərhum Mirzə bütün ömrünü məzkur Hacı ilə bir yerdə keçiribdir və onun ürəyində olan fikirlərini, hər bir cüzi hərəkət və rəftarını, adab və əxlaqını layiqincə öyrənibdir. Bu məharət və rümuzşünaslıq ancaq Mirzə Fətəli kimi kamil və ustadi-qabil kimsələrin qələmindən vücuda gələ bilər. Əgər biz mərhum Mirzə Fətəlini firənglərin Molyerinə və rusların Qoqoluna təşbeh etsək, səhv etməmiş oluruz. Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. Artıq məharət və hünər göstərənlər bunlardır: Yusif bəy Haqnəzərov, Həsənəli bəy Sarıcallı, Mirzəcamalov Məhəmməd Həsən bəy, Fərhad bəy Köçərlinski, Cavad bəy Bağırbəyov. Bu cavanlar kərrat ilə ssenaya çağırılıb, təhsin və afərin sədasını istima etmək ilə xoşhal oldular. Bu işdə artıq zəhmət çəkənlərdən birisi də cənab Lütfəli bəy Behbudov idi ki, bilet satmağa və komediyanın mühüm işlərinə mübaşir olmuşdu. Teatrdan cəm olan məbləğ məxaric və məsarifdən başqa iki yüz manatdan ziyadədir. Belə ki, fəqir və kasıb şagirdlərimizə böyük kömək olundu. Qeyrətmənd cavanlarımızın xahişi var ki, iki-üç dəfə belə komediya tərtib və təşkil edib, möhtac və çarəsizlərimizə müavənət göstərsinlər. Allah onlardan razı olsun və tofiq əta eləsin. * * * "Molla Nəsrəddin" Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir. Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir. Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza". Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir. Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ə görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyəcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbir və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır. Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır. Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir. Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!" Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcək, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcəkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyəcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyəcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcək, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyəcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcəkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcəkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər". Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar. Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir. "Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir. Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkək: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir. İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcək, ya etməyəcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyəcək və bütün yeni elmlərin hamısını baykot edəcəkdir. Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi-qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir. * * * Nikolay Vasilyeviç Qoqol (Yüzillik yubileyinə məxsus) Rus ədiblərinin ən məşhurlarından birisi Qoqoldur. Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır. Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin ayinəyi-həqiqətnüması edib, özlərindən sonra gələn üdəba və şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişrəvi mənziləsindədir. Qoqol və Puşkin və bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov və hal-hazırda Maksim Qorki və L.Andreyev əllərində məşəl rusların məişətinə daxil olub, onun hər səmtinə və küncünə işıq salıb, millətin yaralarını, ruhani və cismani küdurətlərini, qəm və şadlıqlarını görüb və gördüklərinin surətini və şəklini mahir nəqqaş kimi eyni ilə çəkib, bütün aləmə göstərib deyirlər: "Baxın, görün! Budur bizim millət; bu sayaqdır onun diriliyi və dolanacağı; budur onun halı, fikirləri, hissiyyatı və xəyalatı!" Nikolay Vasilyeviç təvəllüd edibdir Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan qəsəbədə, miladın 1809-cu ilində, mart ayının 19-cu günündə. Qoqolun atası Malorusiyanın xırda mülkədarlarından [olub] xoş xasiyyət, eyş-işrət sevən baməzə bir şəxs imiş ki, vaxtının çoxunu kefdə-damağda keçirirmiş. Anası isə sadədil bir arvad imiş ki, hər sözə inanarmış, çox vaxt ibadətə məşğul olarmış və bəzi vaxtları da səbəbsiz qəm-qüssə və xiffət edərmiş. Qoqolun təbiət və məzacında valideyinin bu müxtəlif əxlaq və ətvarı müşahidə olunarmış. Belə ki, Qoqol gah şad və xürrəm olub, cümləni şirin və baməzə söhbətləri ilə valeh edərmiş, gah da adamlardan qaçıb, bir guşədə intəhasız qəm və ələmə mübtəla və xəyalat aləminə müstəğrəq olarmış. Qoqol on üç sinnə kimi atasının mülkündə asudə və rahat zindəganlıq edib, kənd əhlinin dolanacağı ilə aşina olmuşdur. Burada Qoqol malorusların eyş-işrətlərini, çalıb-oynamaqlarını, gözəl nəğmələrini, ayin və adətlərini, əxlaq və adablarını bilafasilə müşahidə edib, sonralardan gördüklərinin tamamisini artıq məharətlə yazıb, özünün həqiqətnəvis bir ədibi-kamil olduğunu aşkar etmişdir. On üç yaşına yetişəndə Qoqol təlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol meyl və rəğbətini ədəbiyyata salıb, təlim işlərinə çəndan şövq və həvəs göstərmir; 1828-ci ildə bir növ gimnaziyanı qurtarıb qulluq etmək şövqünə düşür və bu qəsdlə Peterburq şəhərinə azim olur. Amma burada onun işləri arzusunca getmir və bir müddət artıq üsrət ilə dolanıb, ancaq iki ildən sonra departamentlərin birisində özü üçün alçaq bir çinovniklik xidməti tapır. Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri çox olur. Onun əvvəlinci əsərlərinə diqqət yetirib təhsin edir və gələcəkdə Qoqolun böyük və müqtədir bir ədib olmağını bildirib, bununla onun təbinə tab və qələminə qüvvət verir. Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır. Qoqolun iki böyük və mötəbər əsərinin məal və məzmununu ona Puşkin nəql edib, hər iki əsərin nə səpkü-sayaqda yazılmasını şərh və bəyan etmişdir. Bu əsərlərdən birisi onun "Revizor" ismində yazılmış komediyasıdır. Bu komediyanı, eşitdiyimizə görə, cənab Nərimanbəy Nərimanov türkə tərcümə edibdir və lakin onun yaxşı-yaman tərcümə olunmağı barəsində bir söz deyə bilmirik, çünki onu görməmişik. İkincisi "Çiçikovun sərgüzəşti", yaxud "Fövt olmuş nəfslər" ünvanında yazılmış bir əsərdir ki, misl və bərabəri yoxdur. Hər iki əsəri sonralardan Puşkin mütaliə etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demişdir: "Sən yazan kimi bunları mən bacarıb yaza bilməzdim. Hər halda sən məndən mahirsən!" Heyfa ki, "Ölmüş nəfslər"in ikinci cildi qurtarmamış, Qoqol İtaliyada ikən Puşkin dueldə qətlə yetişir. Bu xəbərdən Qoqol ziyadə qəmnak olub, dostlarından birisinə yazır: "Mənim həyatım, mənim şadlığım və tamam zövq və şövqüm Puşkinlə bahəm fövt olub getdi". Filhəqiqə, Puşkindən sonra Qoqol əhəmiyyətli və layiqi-təhsin bir əsər meydana gətirə bilmədi. Ömrünün axır vaxtlarını Qoqol fikir və əndişədə keçirib, qeyri-təbii bir hala və ağır malxulyayə giriftar olmuşdu. Vəfatına bir az qalmış "Fövt olmuş nəfslər"in ikinci hissəsini yandırıb tələf etmişdir. Vəfatı ittifaq düşüb fevralın 21-də 1852-ci sənədə. Qoqolun müxtəlif əsərləri çoxdur. Tamamisi ilə qəzetə sütunlarında oxucuları aşina etmək qeyri-mümkündür. Onlardan artıq əhəmiyyətlisi və bizim məişətimizə az-çox yaxın olanı "Revizor" adında yazılmış komediyasıdır ki, müxtəsərən onun məalını nəql etməyə iktifa edirik. Bu komediyada Qoqol xırdaca bir şəhərin çinovnikləri ilə bizi tanış edib, hər birisinin öz təbii halı ilə gözümüzün önündən keçirir. Bu çinovniklərin sərxeyli və rəisi hesab olunan qalabəyi qorodniçi Anton Antonoviçdir. Bu şəxs elm və kamalı ilə fəxr edə bilməsə də, xudadadi-əql və tədbiri ilə hamını aldada bilir. Özü öz hünərini yaxşı bilib deyir: "Heç bir kələkbaz və maşennik mənim hiylə və təzvirimdən xilas ola bilməz. Onların cümləsini soxulcan edib, qarmağa keçirib balıq tutaram!" Anton Antonoviç öz əqidəsində sabitqədəmdir. O öz günahını kamalınca düşünür, amma bununla özünə təsəlli verir ki, dünyada bir adam tapılmaz ki, onun günahı olmasın. Allah özü dünyanı belə yaradıbdır; heç kəs günahdan pak deyil. Anton Antonoviç yaman rüşvətxordur. Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan parçalardan donluq göndərsinlər, xanımın və ya özünün ad qoyulan günləri təbrik edib, ləyaqətli hədiyyələr gətirsinlər. Bunlardan əlavə, Anton Antonoviç sövdəgərlərlə əlbir olub, podrat işlərinə qarışır. Kilsə təmiri üçün xəzinədən buraxılan pulu yeyib, lazım olan məqamlara onun yanıb fövt olmasını xəbər verir. Xülasə, hardan ki, bir şey qoparmaq mümkündür, müzayiqə etmir. Doğrudur, onun bu gunə xilafi-zakon işlərindən xəzinəyə və camaata zərər yetişir, amma özünə xeyir hasil olur: camaatda səbr və xəzinədə pul çoxdur. Qalabəyidən sonra Qoqol sair çinovnikləri meydana çıxarır. Bunlar dəxi bir-birindən bədtər, rəzil və fürumayə adamlardır. Bunlardan kimisi qalabəyi kimi rüşvətxor, kimisi tənbəl, bəzisi axmaq və səfeh, tamamisi əxlaqsız, qorxaq, gülünc, gülməli bədbəxt kimsələrdir. Bu çinovniklərdən heç birisi öz işinə məşğul deyil: sudya Lyapkin-Tyapkin sud işlərini bilmərrə unudub, ancaq öz əql və kamalından dəm vurur. Onun heç bir şeyə etiqadı yoxdur. Kilsəyə getmir, şam yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o, kəmali-iftixarla cavab verir: "Bu mərtəbəyə öz əqlimlə çatmışam". Mərizxananın naziri Zemlyanika öz oğurluğu və fitnə-fəsadı ilə şəhərdə şöhrət kəsb edibdir. Mərizxanada naxoşlar çibin kimi qırılır. Onların müalicə və mühafizəsi üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib, heç birisinin qeydinə qalmır. Poçt naçalniki Şpekin sadədil bir adamdır ki, poçta salınan kağızları açıb oxumaqdan ziyadə həzz aparır. Şəhər şkolasının müdiri Xlopov çox qorxaq və hər şeydən ehtiyat edən bir şəxsdir. Həkim Xristian İvanoviç rus dilini bilməyən qəribə bir vücuddur. Mərizlərə həmişə ucuz dərman verir, çünki, necə ki, Zemlyanika deyir: "Avam adam naxoşluqdan sağalsa, dərmansız da sağalacaqdır, ölsə, dərman versən də öləcəkdir". Dobçinski və Bobçinski--bunlar çinovnik deyilsələr də, həmişə onların dairəsində gəzib, harada aş olsa, orada başdırlar. Hər yerdə nə xəbər olsa, əvvəl bunlar eşidəcəklər və birinin üstünə beşini qoyub, ötənə, keçənə nəql edəcəklər. Bu kampaniyanın hamısı uzaq və adsız bir şəhərdə olur ki, haqqında Qoqol deyir: "Əgər üç il bu şəhərdən at çapasan yenə də heç bir məmləkətə çata bilməzsən". Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib içməkdə, kart oynamaqda, boş və biməzmun söhbətdə keçirirlər. Arvadları və qızları dəxi özləri kimi günlərini bəzək-düzəkdə, roman oxumaqda, qayibanə aşiq olmaqda, qeybət qırmaqda, aralıq vurmaqda, dalaşıb-barışmaqda zay edirlər. Çinovniklərin bu gunə rahət və qeydsiz dolanacağı qəflətən iztirab və təşvişə çevrilir. Belə bir xəbər çıxır ki, Peterburqdan məxfi çinovnik təyin olunub, bütün quberniyanın işlərini təftiş etməyə; xüsusən, bunlar olduğu şəhərin. Bu xəbər hamının ürəyinə qorxu salır. Çünki heç biri günahdan pak deyil, hamının üstü pərdəli eybləri və paxırları var. Cümlədən ziyadə qorxu qalabəyinin canına çökür. Artıq əl-ayağa düşüb, başlayır şəhərin işlərini qayda və nizama salmağa. Qorxunun şiddətindən və vahimənin təsirindən əvvəlcə Bobçinski və Dobçinski və onların dalınca şəhərin tamam çinovnikləri Peterburqdan gəlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik imiş, revizor hesab edirlər. Xlestakov isə yolda pulunu uduzub, burada cibləri boş qastinsada əyləşib qalıbdır. Qastinsaçı ona yemək də verməyir və biçarənin aclıqdan qarnı quruldayır. Qoqol Xlestakovun tipini, yəni onun nə qisim adam olduğunu artıq məharətlə təhrir etmişdir. Xlestakov özünü öyən, fikirsiz, yalan danışan, acığı tez tutub tez də soyuyan, israf xərc edən, dəqiqədə sözünü dəyişdirən, başda söylədiyi ilə ortada və ayaqda söylədiyi düz gəlməyən və biri-birinə zidd olan, arsız və qeydsiz və imsalı hər yerdə görünən bir cavan idi ki, hər kəs olsaydı, əvvəl dəfədə onun boş və yüngül bir vücud olduğunu dərk edə bilərdi. Amma nə eyləmək, qorxu yaman şeydir, qorxudan bunların hamısının gözlərinə pərdə çəkilir və özlərini itirirlər. Qalabəyi kimi pürfən, mühil və hərraf adam tora düşür, Xlestakovun boş və ağılsız olduğunu anlamayıb, onu məxfi təyin olunmuş revizor sanır və beləliklə, çaşıb, əql və tədbirini itirir. Qalabəyi Xlestakovu mehmanxanadan artıq ehtiram və təntənə ilə öz evinə gətirir. Burada nahardan sonra şərabın təsirindən ağzına gələn hədyanı söyləyir. Guya o, Peterburqda əvvəlinci adamdır, o olduğu balda və qonaqlıqlarda ancaq vəzirlər və generallar olur. Bu ziyafətlərdə süfrəyə elə qarpız gəlir ki, qiyməti yeddi yüz manatdır. Sup qazanlarda düz bir [başa] Parijdən paraxodlarda gəlir, qazanın ağzını açanda ətri hamını valeh edir. Onun preferans yoldaşları Firəngistan, Almaniya və İngiltərə səfirləri və bir də ümuri-xaricə vəziridir. Hər səhər hələ o yuxudan durmamış onun qapısında qraflar və knyazlar arı kimi vızıldaşırlar. Bir kərə ona departamentin direktorluğunu təklif etdilər, amma o qəbul eləmirdi. Bu barədə ona hər tərəfdən elçi və minnətçi saldılar, kuryerlər dalbadal gəlib gedirdi, belə ki, tək kuryerlərin hesabı otuz beş minə çatmışdı. Məşhur Puşkin onun yaxın dostudur və onun özü dəxi adlı və hörmətli ədiblərdən birisi hesab olunur. Çinovniklərdən heç biri bu sözlərin hədyan və başdan ayağa yalan olduğunu anlamayıb, bu hədyənatı eşitdikcə dəxi də artıq qorxuşurlar və canlarına titrətmə düşür, əl-ayaqları əsə-əsə ona pul verirlər. Xlestakov qızışıb deyir: "Mənim hökmlərim dəfətən cari olur!" Doğrudan da, bir tərəfdən qalabəyidən pul borc alır, digər tərəfdən sövdəgərlərin şikayətinə qulaq asıb hiddətlə deyir: "Mən onu qulluqdan qovaram!" Bir tərəfdən qalabəyinin arvadına aşiq olur, digər tərəfdən qızına elçi düşür və axırda özündən ağıllı və tədbirli olan nökəri Osipin məsləhətinə qulaq asıb oradan gedir. Qalabəyi və sair çinovniklər çox sevinib şad olurlar ki, revizoru razı eləyib yola saldılar. Hamıdan artıq qalabəyi sevinir ki, qızını revizora namizəd etməklə belə böyük və möhtərəm Peterburq çinovniki ilə bir qohumluq əlaqəsini bağladı. Şəhər əhli onun evinə cəm olub, hərə bir növ onu təbrik edirlər və gələcəkdə onun uca mərtəbəyə yetişəcəyini şadlıq ilə xəbər verirlər. Bu hində poçt naçalniki Şpekin daxil olub, məclis əhlinin kefini pozur. Bu cənab Xlestakovun yoldaşına yazdığı kağızı xəlvət açıb oxuyub və ondan bilib ki, Xlestakov əsla revizor deyil və kağızında onların səfahətinə gülür. Məclis əhli əvvəlcə Şpekinin sözlərinə inanmayır və qalabəyi qeyzlə onu təhdid edib deyir ki, sən nə cürət edib belə bir böyük adamın haqqında bu gunə iftiraları söyləyirsən, o mənim yeznəmdir. Bu gunə zarafatlar sənə nəf gətirməz. Bu sözlərin müqabilində Şpekin Xlestakovun kağızını başlayır oxumağa və əhli-məclis bir-bir özlərinin övsafi-zəmimələrini oxuduqda qızarıb bozarırlar. Amma bununla belə şübhədən dəxi çıxırlar. Qalabəyi Xlestakov kimi axmaq və yelbeyinin birisinə aldanmağına tab gətirə bilməyib, acığından az qalır dəli olsun. Bu halda qapı açılıb jandarma daxil olur və həqiqi revizorun Peterburqdan gəldiyini və onları öz hüzuruna bilatəxir tələb etdiyini xəbər verir. Bu dəhşətli xəbərdən əhli-məclis mat və məbhut qalır.... Burada pərdə salınır. Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu necə ki, Rusiya dövləti vardır, onlar da sağ və salamat qalacaqlar. Əlli sənə bundan əvvəl Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlərində müşahidə etmək olur. Onun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz vəzifəsini anlamayan, camaata zülm edən və həməvaxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər və mahallar doludur. Bizim çinovniklərdən bəzisi atbaz, bəzisi itbaz, kimisi ovçu, kimisi rüşvətçi, kimisi fəsadçıdır, amma həqiqi qulluqçu olanları azdır. Qoqolun təbiət və xasiyyətində hər bir şeyin künhünə göz yetirmək, mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri Qoqol kimi adamların üstə elə zərifanə gülmür və oxucuları güldürmür. Qoqolun gülməyi qəribə bir gülməkdir. Bizim məişətimizdə gülünc, gülməli və rişxəndə səbəb olası ayin-adətlər, müxtəlif işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların hamısının üzünə adamların falşivi rəftar və əlaqələrindən toxunmuş bir pərdə çəkilibdir ki, hər adama onun alt tərəfini görmək qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəraibata baxıb, naziganə gülür və bizə göstərib, bizi də güldürür. Qoqol zatən psixoloq yarandığı üçün adamların boşluğunu, səfahət və həmaqətini, büxl və həsədini, zülm və şərarətini görür və bunu da görür ki, onlar nə növ zahiri əda və hərəkatları ilə istəyirlər qeyriləri aldatsınlar və özlərini ağıllı, tədbirli, səxavətli, insaflı və mürüvvətli göstərsinlər. Adamların bu ikiüzlülüyü, bu saxtakarlığı, bu hiyləsazlığı Qoqola gülünc gəlir, o gülür və bizim gözümüzü də həqiqət hala açıb, bizi də güldürür. Amma Qoqol acı və ürək yandırıcı gülüş ilə gülür. Zahirdə güldüyü adamların halına batində ağlayır və bu barədə o yazır: "Aləmin gözünə görsənən gülməyimin altından nəzərə gəlməyən göz yaşım axır....". Necə ki, "Revizor"da, habelə də "Fövt olmuş nüfus"da Qoqol məişətin qaranlıq tərəfini, zülmət və cəhalətlə dolmuş hissəsini yazıb göstərir. Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat və mikrobları böyüdüb göstərir. Qoqol belə rəvayət edir ki, "Ölmüş nüfus"un əvvəlinci bablarını Puşkinə oxuyanda o, fikrə getdi. Onun bu halına təəccüb etdim, çünki o həmişə mənim yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mən oxuduqca o bikefləndi və axırda bilmərrə rəngi tutuldu, mütəğəyyiri-hal oldu. Mən oxumağı qurtardım. O, ürəkdən bir ah çəkib dedi: "Pərvərdigara! Bizim Rusiya nə pürğəm və pürməlal məmləkətdir!". Bizim ədiblərimizdən mərhum Mirzə Fətəli Axundov asari-qələmiyyəsi ilə Qoqola çox bənzəyir. Mirzə Fətəli dəxi öz komediyalarında xəyalat gücü ilə və savad zoruyla bir şey yaratmayıb, hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin övzai-əhvalından götürübdür. Mərhum Mirzə dəxi zahirdə yazdıqlarının üstə gülürsə də, batində ağlayır və həqiqətən bir az dərin fikir etsək görərik ki, onun Molla İbrahimxəlili, Hacı Qarası, Hatəmxan ağası, Tarıverdisi, Ağa Mərdanı və qeyriləri yazıq və bədbəxt adamlardır ki, onların halına gülməkdən isə ağlamaq lazımdır. [Ruslar] büsat açıb cəşn və bayram edir. Bu böyük milli bayram ilə biz dəxi rus ədiblərini və rus millətini təbrik edib onların qədrşünas olmaqlarına təhsin oxuyuruq. Aya, Mirzə Fətəli Axundovun yüz illik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə dəxi millət hissi və milliyyət damarı ayılacaqdırmı, biz də öz ədiblərimizin şan və şərəfini, qədr və qiymətini dərk edəəyikmi?! * * * Qarabağda Cavanşir mahalının əhval və övzasına dair Əlli-altmış sənə bundan əqdəm Qarabağın şairi-binəziri Qasımbəy Zakir təxəllüs Qarabağın çox yerlərini gəştgüzar edib Tərtərbasara ki, -- ibarət ola Cavanşir mahalından, -- səyahət qəsdi ilə gəlir. Bu ümidlə ki, orada onun könlü açılsın və bəlkə Bərdə şəhərinin sabiqdə olan rövnəq və abadanlığından bir nişani-əlamət görə. Öz hiss və arzularını Zakir bu sayaq nəzmə çəkir: O viladə bir mehriban görmədim, Gəlmişəm indi də Mehriban gəzəm. Seyr eyləyim tamam Tərtərbasanı, Varmı aşiqinə can qıyan, gəzəm. Tülək tərlan ovlağıydı bu yerlər, Bərdə torpağına eyləyim güzər, Görüm qalıbdırmı Şirindən əsər, Baxam hər tərəfə, nigaran gəzəm. Xosrovi-Pərvizin şanü şövkətin, Fərhadın ələmu qəmu möhnətin, Şapurun çəkdiyi nəqşü surətin, Arayıb-axtarıb bir zaman gəzəm. Dolanıb sərasər Çarsubazarı, Gətirəm nəzərə səmti-minarı, Görsəm, xəbər allam bülbüli-zarı, Necə oldu ol gül, gülüstan, gəzəm. Deyim hanı bunda gəzən gözəllər? Teyhulu meşələr, sonalı göllər? Çayın kənarında tikilən ellər? Yoxdu heç birindən bir nişan, gəzəm. Ol baş-başa verən sərvi rənalar, Hər guşədən gələn sövtü sədalar, Zərrin piyalələr, meyi-səhbalar, Gərdişi-badeyi-ərğüvan gəzəm. Bu minval ilə şikəstə Zakir bülbüli-zardan əhval-pürsan olub deyir ki, bu diyarın adət və qanunun mən təvarixdə oxumuşam, onları xeyli müstəhsən yazıblar. Bayram gecələri Bərdə şəhəri sübhə kimi çıraqban olub, onları eyş-işrətdə keçirirlərmiş, əmirzadə və bəyzadələr boynu qiladəli səgi-şikar ilə ceyran ovuna gedirlərmiş. Böyüklər astanasında pəhləvanlar və qızmış dəvələr kuşti tutarlarmış. Bir yandan cavahirfüruşlar, bir tərəfdən zərgərlər nazənin gözəllərə ziynət və yaraşıq əsbabı mühəyya edirlərmiş. Karvansaralarda və mehmanxanalarda səyyahlar, tacirlər, qələndərlər və hər qisim qəriblər gecələr sübhədək nəql və hekayətlər söylərmiş. Aya, bunlardan indi də bir əsər varmı? Rücu edək şairin öz kəlamına: Gecə-gündüz daim bangi-cərəsdən Qulaq tutulurmu sədadən, səsdən? Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzəm. Sayeyi-sərvdə məcməi-xuban, Yenə əyləşirmi xoşdilü xəndan? Yoxsa ki, onlara saqiyi-dövran İçiribdir mey yerinə qan, gəzəm. Nazəninlər ta tülui-afitab, Oturub gecələr çəkərmi gülab? Çeşmi-aşiq kimi fəvvarədən ab Tökülürmü hövzə nümayan, gəzəm. Müzəyyən məhəllələr və münəqqəş evlər irəliki halda dururmu və onların içində yenə xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurmu? Töylələrdə köhlən atlar çığrışırmı? Hamamlarda sular fəvvarə edirmi və onlar əzəlki kimi şirin işləyirmi və onlara külli ağçalar sərf olunurmu? Teyhulu meşələrdə, güllü və sünbüllü bağçalarda seyr edənlər, qız-gəlinlər qaqqıldaşa-qaqqıldaşa gəzirlərmi, yoxsa onların heç birindən bir əsər yoxdur? Bülbüli-şikəstədil Zakir fəqiri bu xəbər ilə məyus və peşiman eləyir. Bülbüli-biçarə verdi xəbəri, Dedi ki, qalmayıb şənlik əsəri, Mən Zakirəm, onu görəndən bəri Gərək cünun olub, biyaban gəzəm. Hər kəs Zakirin bu kəlamını başdan ayağa diqqətlə oxusa və o yazdığı yerləri seyr edib, oranın əzəlki şükuhlu halı ilə indiki pərişan halını nəzərə gətirsə bilaşübhə onun ürəyi qanla dolub, gözlərindən yaş tökülər. Necə ki, bülbüli-zarın verdiyi əhvali-pürməlal Zakirin halını pərişan edib, onu məcnun-sifət kuh-biyabana salır. Keçmişdəki tərəddüd və abadanlıqdan, cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib, Qarabağın və xüsusən Cavanşirin övzasını özgə bir pərişan halda tapıb, əhvalatı, necə ki var, artıq məharətlə öz dusti-həqiqisi olan Mirzə Fətəli Axundova yazır və öz vilayətindən və müasirinin əxlaqü ətvarından və rişti-kirdarından söz açıb, onları birbəbir zikr eləyir və deyir: Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti-Qarabağ. Həqdi, bundan əzəl görübsən sən də, Hanı o qaidə, o qanun, səyaq? Qüttaüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır, Yenə tuthatutdur, apar-apardır, Bizim başımızda çattadı çanaq. Həddən aşıb büxl, həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət, Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. ilaxir. Təəccüb budur ki, necə ki, əlli sənə bundan əqdəm Qasımbəy Qarabağ əhlinin övsaf və əxlaqını nəzmə çəkibdir, demək olur ki, haman halda qalıblar, irəliki adət və qaydaları üzrə zindəganlıq etməkdədirlər. Zahirdə guya ki, bir azacıq tərəqqi ediblər, amma həqiqi və mənəvi tərəqqidən çox uzaqdadırlar. Buradan Zakirin yazdığını qoyub, öz hisslərimi və gördüklərimi söyləmək istəyirəm. Xeyli vaxtdan bəri Qarabağa ayağım düşməmişdi və onun övzayi-əhvalından xəbərim yox idi. Gürcüstanın ortasında zindəganlıq edib və onun ab-havasına və gürcülərin ayin və adabına və təriqü sülukuna adətkərdə olub, vətəni-məlufu bir növ xatırımdan kənar etmişdim. Nə qədər ki, Gürcüstan ab-havası xoşdur, bir o qədər də gürcülərin özü gözəl tayfadır. Qəribnəvaz, sadədil, eyş-işrət sevən, açıqüzlü, şirin sözlü, halal, kin və kədərsiz nəcib bir millətdir. Bu axır vaxtlarda gürcülər tərəqqi yolunu tapıblar və aşkara irəli getməkdədirlər. Oktyabrın 17-sində elan olunan hürriyyət və azadəlik Qafqaziyada, demək olar ki, hamıdan artıq gürcülərə təsir edib, hamıdan ziyadə onları cünbüş və hərəkətə gətirdi və hətta onları cürbəcür iddialara saldı. O gündən bəri "Sağ olsun hürriyyət, sağ olsun ittihad, ittifaq, qardaşlıq və azadəlik" sədası kəndlərdə və şəhərlərdə böyükdən tutmuş xırda uşaqlara kimi hər bir sinfi-xəlqin dillərində cari olmaqdadır. Azadəlik sevən, qardaşlıq axtaran, ittihad və ittifaq arzusunda olan milləti kim istəməz, kim belə millətə afərin oxumaz? Gürcülərin bu bəşaşətini, bu ali hisslərini və bu gözəl təmənnalarını görüb və hər gün kəndlərdən dəstə-dəstə gələn rəiyyətlərin şəhər meydanında və Çarsoybazarda toplaşıb ruznaməyə diqqətlə qulaq asmaqlarını müayinə edib, qəlbim şad olurdu və öz-özümə deyirdim: Görəsən, aya, bizim müsəlmanlar da öz qonşuları gürcülər kimi bu fərəhəfza və həyatbəxş azadəlik xəbərini eşidib şadlıq edirlərmi və az-çox tərəqqi yoluna düşüblərmi? Onların da milliyyət hissi və qeyrət damarı ayılıbdırmı? Dövləti-əliyyəmizə düşmən şuriş və inqilabdan, övzai-aləmdən və gərdişi-zəmanədən xəbərləri varmı? Nə haldadırlar və necə dolanırlar? Bu fikirdə ikən iş belə gətirdi ki, inqilab, iğtişaş mən olduğum şəhəri dəxi əhatə elədi və qulluq etdiyim darülmüəllimin və onun cünbündə olan müsəlman şöbəsi bağlandı. Şagirdlər dərsdən azad olub buraxıldı. Fürsəti qənimət bilib, mən dəxi Cavanşirə azim oldum, vətəni-məlufu ziyarət edib, qohum-qardaş, dost-aşna ilə görüşüb, şad və xürrəm oldum. Və lakin çox çəkmədi ki, biz də Zakir kimi arzularımıza nail olmayıb məyus qaldıq. Fərəh və şadlığımız qüssəyə mübəddəl oldu. Vətəndaşlarımın dünyadan bixəbər olmaqlarını, cəhalət və zəlalət dəryasında zar və zəbun qalmaqlarını müşahidə edib pərişanhal oldum. Onlarda nə hürriyyətdən bir xəbər, nə ittihad və ittifaqdan bir əsər görmədim. Hal-hazırda vüquə gələn iğtişaşdan və mühüm məsələlərdən onların əsla xəbəri yoxdur. Bir sayaq qəflət yuxusuna qərq olublar ki, bəlkə suri-İsrafil dəxi onları haman qəflət yuxusundan bidar etməkdə aciz qala. Burada mən biləks ittihad əvəzində ixtilaf, ittifaq yerində nifaq, qardaşlıq yerinə düşmənçilik, büğz və ədavət, hürriyyət əvəzində übudiyyət və dənaət görüb, ürəyim qəm və qüssə ilə doldu. Vətəndaşlarımın bu tərəqqi zamanında, bu telefon və elektrik əsrində ki, -- sair miləl və əqvam artıq sürətlə irəli gedib özləri üçün ixtiyarlar və imtiyazlar axtarmaqdadırlar, -- geridə qalmaqları və bir-birinin malına və canına düşmən olmaqları məni heyrətə saldı. O Cavanşir ki, keçmişdə onun tərif və tövsifi və əhalisinin qeyrət və hünəri dillərdə söylənirdi, indi Qarabağın pərişan mahallarından birisi hesab olunur. O Cavanşir ki, onun qışı ilə yazında təfavüt yoxdur, havası mötədil, torpağı ziyadə bərəkətli və hər qisim məhsulat yetirəndir, turacın və qırqovul vətənidir, meşəli, bağlı Qarabağın ən dövlətli və ən səfalı bir mərkəzidir, heyfa ki, o Cavanşir elm və mərifətdən xali qalıbdır. Onun yetirdiyi məhsulat tamamən əcnəbilərin xeyir və mənfəəti üçündür. Cavanşirin ağazadə və bəyzadələri çox isə də, aralarında ittifaq, sülh və mehribanlıq yoxdur. İttifaq və mehribanlıq olmayan yerdə, əlbəttə, səlah və tərəqqi də olmaz. Və buna biz özümüz şahid olduq. Neçə dəfələr bəzi mühüm və lazımlı məsləhətlər üçün bəyzadə və xanzadələr və rəiyyət tayfasının ağsaqqalları bir yerə cəm olub, müşavirə və müzakirə etdilərsə də, axırda məniyyəti-qərəzi-nəfsi və mənfəəti-şəxsi ucundan aralığa ixtilaf saldılar. Birləşib, yekdil və yekcəhət olub, ümumi məsələlər irəli yeritmək əvəzinə neçə-neçə firqəyə bölünüb bir-biri ilə büğz və ədavət başladılar. İş yatdı, məsləhət pozuldu, millət və islamiyyət unuduldu. Fitnə və fəsad qalxdı, oğrular və yol kəsənlər ölkəni çapıb talan elədilər. Yenə Zakir əleyhirrəhmənin əlli sənə bundan əvvəl yazdıqları yadıma düşdü. Öz dostu Mirzə Mehdiyə belə yazmışdı: Canə yetdim dərdü qəmi möhnətdən, Qurtarmadım əndişədən, xiffətdən, Başımı götürüb, bu vilayətdən Getməliyəm bir diyara, əzizim! Bizlər kimi bir-birinin bədxahı Tapılmaz, gəzəsən aləmi dahı, Onun üçün qəzəb edib ilahı, Xayinik aşnaya, yara, əzizim! Yenə təzə oğurlanıb bir yabım, Dəxi ziyanlığa qalmayıb tabım, Budur sizə əvvəl-axır cavabım. Bu işə eyləyin çara, əzizim! Fəqir-füqəranın qoyunu, malı Yarım saat deyil xətadan xalı, Sakit, etmişdiniz bu qiyl-qalı, Yenə qarışıbdır ara, əzizim! Filhəqiqə, Cavanşirdə oğurluq ziyadə şiddət edibdir və bu halda fəqir-füqəranın malı bir dəqiqə xətadan xali deyil. Nə divanda bir hökumət var ki, oğrulara tənbih edə və nə camaatın özündə bir tədbir və səlah var ki, öz içlərində olan bəd və bihesab işlərə çarə qıla. Cavanşiri biz bu pərişan halda qoyub, yenə gürcülərin içinə qayıtdıq. Cavanşir bəlkə keçmişdə həqiqətən "Cavan şir" imiş, amma indi o "Cavan şir" "Qoca şir" olubdur.... * * * Qaranlıqda qalanlarımız Rusların məşhur ədibi və timsalnəvisi Krılov "Ağacın yarpaqları və kökləri" adlanan bir timsalında yazır: "Baharın gözəl bir günündə ağacın yarpaqları səhraya kölgə salıb, sabah yeli ilə şirin söhbət edirdilər və özlərini tərif edib zəban-hal ilə səbadan sorurdular: Məgər bu səhranı ziynətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? Əgər biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən? Biz deyilikmi qızları və gəlinləri öz sayəmizin altına rəqsə gətirən, biz deyilikmi sübhlər və axşamlar bülbülü şövqə və həvəsə gətirib, ona gözəl nəğmələr oxutduran və sən özün, ey səba, müttəsil bizimlə olurdun, bir dəqiqə bizdən ayrı qala bilərsənmi? Bu sözləri eşidib, yerin altından ağacın kökləri həzin səslə dedi: Bizi də bir yada salıb razılıq etsəniz nə olur? Yarpaqlar qeyz ilə cavab verdilər ki, siz kimsiniz, sizin nə cürətiniz var ki, bizimlə belə küstaxanə mükalimə edəsiniz? Ağacın kökləri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir sənəlikdir. Hər yazdan yaza siz təzələnərsiniz. Amma biz həmişə qaranlıqda işləyib sizə həyat veririk! Əgər biz olmasaq nə ağac səlamət qalar və nə də sizdə bu lətafət və təravət olar". Bu timsalı burada zikr etməkdən muradımız budur ki, bizim müsəlmanların nücəba və əhli-kəmalı öz kökləri və rişələri mənziləsində olan rəiyyət tayfasını, əkinçi və cütçü qardaşlarını unudub, bilmərrə onların qeydinə qalmazlar. Və hətta biz onlara bir növ nifrət və həqarət gözü ilə baxıb, onları xar və zəlil tuturuq. Mayeyi-həyatımız və səbəbi-eyşü zindəganımız olan ziraət əhlinə "qara rəiyyət" adı qoyub, onlardan özümüzü kənar tuturuq və onlar ilə ülfət və mülaqat etməyi kəsri-şanü şərafət hesab edirik. Ancaq öz zahiri kamal və tərbiyəmizlə, nəcabətimizlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münəqqəş otaqlarımızla iftixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşlarımızın dad və harayına yetişmirik. Bu sayaq onları özbaşına və öz halına qoyduğumuza görə onlar da gün-gündən cəhalət dəryasına qərq olmaqdadırlar, icz və zəlalətləri şiddətlə artıb çoxalır, dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. Yüz sənə bundan əqdəm nə halət və nə dərəcə istitaətdə vardısalar, indi də o halda müstəhkəm durublar. Müddəti-mütəmadi bir halda qalmaqlıq dəlili-tənəzzüldür. Çünki bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürətlə irəli gedib, bizi geridə qoyublar. Bizim müsəlmanlar isə bir nöqtə üstündə sabitqədəmdirlər. Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. Kəndlərimizdə əcəlsiz, dərmansız və müalicəsiz ölənlərin həddu hesabı yoxdur, nə əczaxana, nə mərizxana və nə elmli həkim və cərrah gözə dəymir.... Ətfali-müslimin tərbiyəsiz və elmsiz qalıb ataları və babaları kimi dünyadan bixəbər, vəhşət və zülmət içrə zindəganlıq edirlər. Üləmalarımız və vaizlərimiz şəhər zindəganlığını kəndlərdə avam dehqanlarla müaşirət etməyə tərcih və təfəvvüq qılıb, öz nəf və xeyirlərinə və əmn-asayişlərinə xələl yetirməzlər... Cavan müəllimlərin əksəri ki, darülmüəllimində kəsbi-maarif ediblər, bir sənədən artıq kənddə qalıb müəllimlik etməzlər və qaranlıqda qalan qardaşlarını ziyalandırıb, gözlərini açmağı özlərinə borc bilməyib, yüz cürə vasitələrlə onların içindən çıxıb qaçmağı və özlərini şəhərə salmağı böyük hünər bilirlər. Ali mədrəsələrdə ki, ibarət ola universitetdən, qisim-qisim institutlarda və akademiyalarda ikmali-təhsil edənlərimizin heç birisi özünə bu əskikliyi və həqarəti qəbul etməz ki, gedib kəndlərdə cəhl və nadanlıq qaranlığında qalan din qardaşlarını qəflət yuxusundan oyatsın və öz elm və mərifəti ilə onları da nurlandırsın. Universitetin axırıncı kursunda elm təhsil edən dövlətmənd bir ağazadə ilə millətimizin geridə qalmağı barəsində söhbət edirdim. Əsnayi-göftüguda ondan soruşdum ki, universiteti qurtarandan sonra niyyətin harada qulluq etməkdir? Cavab verdi ki, harada pulu çox versələr, orada. Cavani-məzbur əgər ki, ibtidai-kəlamda vətənə xidmət etməkdən və millətpərəstlikdən dəm vururdu, amma burada öz ürəyinin əsil niyyətini bilaixtiyar izhar elədi. Və filhəqiqə haman cavan əlan Bakı milyonçularının birisinə xidmət eləyir. Bəli, qızıl-gümüşün qüvvəyi-cazibəsi müqabilində heç bir əfkari-aliyəmiz tab gətirə bilmir. Təəccüb budur ki, hansı bir ziyalı və mədəniyyətli müsəlman qardaşı dindirirsən ahi-cigərsuz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi. Gərəkdir çalışaq, gərəkdir rahatlığı özümüzə haram edək, milləti oyadaq, onun uğrunda can və maldan keçək, ona tərbiyə verək, elm nuru ilə onu işıqlandıraq" və bu qisim laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər. Amma həqiqətdə heç biri öz şəxsi mənfəətlərini millət xeyrinə fəda etmir. Axırda baxırsan ki, yenə "qara rəiyyət"i öz fəna və pürməlal halları üzrə buraxıb, özlərini şəhərə salırlar. Qaranlıqda qalanlarımız dəxi kor-korana bir-birini tapdalaya-tapdalaya zülmət içrə heyran və sərgərdan qalırlar. Mordəra mordə key konəd bidar?[1] [1] Tərcüməsi: Ölünü ölü necə oyadar? Tiflisdə sülh məclisinə daxil olan ərbabi-kəmal vəkillərimiz bu halı nəzər-diqqətə alıb, ümumi Qafqaz müsəlmanına məccanən təlim və tərbiyə vermək məsələsini meydani-müzakirəyə qoymuşlar və əsnayi-müşavirədə bu məsələ cümlənin diqqətini cəlb edib. Qonşularımız erməni vəkilləri dəxi bu barədə bizim vəkillər ilə müttəfiq və müttəhid olublar.... Ümidvaram ki, bundan sonra qaranlıqda qalanlarımız üçün dəxi işıq, nicat və səadət yolu açıla və bəlkə bundan sonra ikmali-təhsil edənlərimizin qəlbinə dəxi bir həqiqi məhəbbət düşə ki, qaranlıqda qalanlarımızın nicat və səadəti yolunda can-dildən sərfi-hümmət edələr. * * * Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat "İrşad"ın 17-ci nömrəsində dərc olunmuş müxəmməsin sahibi Salik təxəllüslü şairin naxçıvanlı olmağını idarə xəbər verib rəfi-iştibah etmişdir. Əgər idarə tərəfindən bu xəbər verilməsəydi, yenə də həmin kəlamı keçmiş əsrin şüərasına nisbət etmək olmazdı. Çünki şerin məal və məzmunundan və şairin şivəyi-lisanından aşkara görünür ki, bu nalə və fəqanlar indiki fəna halımız və pərişan övza və əhvalımız üçün edilən növhə və nəvalardır ki, şair suzişli dil ilə onları izhar edir. Salik Naxçıvaninin bu əsəri keçmiş şüəranın kəlamına əsla bənzəmir. Keçmişdəki şairlərimizin istilahında vətən, millət, hürriyyət, qeyrət, elm və mərifət misilli sözlər, demək olar ki, yox idi. Əgər nüdrətən bu kəlmələrdən birisi istemal olunsa idi, o da özgə mənaya işlənirdi. Keçmiş vaxtın işi və halı bir özgə, indiki zəmanənin təqazası bir başqa.... Hər nə isə keçək mətləbə. Naxçıvanlı Razizadə Salik ilə Şıxlı Kazım ağa Saliki bir-biri ilə qarışdırmaq cayiz deyil. "İrşad"ın 22-ci nömrəsində Qazaxdan cənab A.Ğ. imzasında bir şəxs Kazım ağanın barəsində bir neçə məlumat vermişdir və lakin onlar haqq və doğruya müvafiq olmadığından məzkur Kazım ağanın haqqında bir neçə söz danışmağı lazım gördük. Kazım ağa Salik, doğrudur, Qazax mahalında Şıxlı qəryəsində təvəllüd edibdir. Təvəllüdü ittifaq düşübdür hicrətin 1195-ci sənəsində. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, indi Şamxor deyilir; anası dilbazlardandır. Salikin babalarına Şeyxzadə deyirlərmiş ki, sabiqdə qazaxlı qəryəsində sakin olarlarmış. Sonradan Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini binə etdiribdir və şair orada vücuda gəlibdir. Bu halda da Şıxlinskilərin bir parası Qazaxlıda və bir parası Şıxlı qəryəsində sakindirlər. Öz əsil-nəsəbi barəsində şair Tubu adında bir sevgilisinin mədhində yazdığı şerdə deyibdir: Adım Kazım, vəli Salik ləqəb, şeridə məşhuram Ki, əvtanım kənari-Kür, şikargahım Qarayazi. Binayi-bixi-nəxl əslimiz Şəmkiridir, amma Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi. Şeyxizadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan, Şıxılı qəryəmizdir, həm bizik ol qəryə ezazi.... ilaxir. Cənab A.Ğ. yazır ki, Kazım ağa iyirmi beş il bundan irəli vəfat edibdir. Belə deyil: Kazım ağa vəfat edibdir hicrətin 1258-ci tarixində. Qəməri hesabı ilə onun vəfatından altmış yeddi ildən dəxi bir az artıq keçir. Mərhumun tarixi-vəfatı öz qəbrdaşı üstə yazılıbdır. Məlum ola ki, Kazım ağa Qarabağ şairləri Valehin və Mədədov Mirzəcanın və qubalı Abbasqulu ağa Bakıxanovun müasiri olubdur. Mirzəcana yazdığı bir şerində onu tərif edib deyir: Sənsən cahanda fikri-bikrlə misli-Məryəm, Nola çıxarsa şerin İsatək asimanə. Bu şairlər isə 70-80 sənə bundan irəli vəfat edib dünyadan gediblər. Və bir də cənab A.Ğ. yazır ki, Salik oğlunun bədəxlaq olmasını bilib, bir uzun şer yazır və axırında belə deyir: Saliki dünyadan kəm etmə tarı, Söylənsin məclisdə şirin göftarı, Bir zaman tapılmaz nəzmi-əşarı, Deyərlər dünyadan Kazım gedibdir. Bu şerlərdə Kazım ağanın oğlunun pisliyinə və bəd övlad olmağına bir işarə yoxdur və bunların o mətləbə əsla dəxli yoxdur. Bu şer çox uzun deyil. Bu barədə A.Ğ. səhv ediblər. O şer qafiyələrdən ibarətdir ki, şairin eyş və səfası, dərd və ələmə təbdil olmağı babında deyibdir: Mən Tubiyəm, dövran mənə zülm etmiş, İşvəm əksilibdir, nazım gedibdir. Dəxi məndən kimsə şadlıq ummasın, Gördüyün söhbətim, sazım gedibdir. Əlimdə dairə dövran elərdim, Çoxları özümə heyran elərdim, Hərdəm gəştə çıxıb seyran elərdim, Qışım qayıdıbdır, yazım gedibdir. Gündən-günə artar nə ah-zarım, Gülməz üzüm, heç açılmaz üzarım, Necə əksilməsin meyli-şikarım, Əlimdən tuyğunum, bazım gedibdir. Baş götürüb burdan qaça bilmənəm, Etdiyim iqrardan keçə bilmənəm, Dərd budur ki, dərdim aça bilmənəm, Yar ilə bir gizli razım gedibdir. Saliki dünyadan kəm etmə tarı, Söylənsin məclisdə şirin göftarı, Bir zaman tapılmaz nəzmi-əşarı, Deyərlər dünyadan Kazım gedibdir. Kazım ağa öz əsrinin qabil, xoştəb və şirinkəlam şairlərindən birisi olmağı əşarından anlaşılır. Əhibbalarından knyaz Plendova ki, o vaxtı Qazax mahalının hakimi imiş, yazdığı bir kəlamında bəzi şairləri belə tərif və tövsif qılıbdır: Sənə daim işim xeyr-duadır, Əgərçi saxlayan xalqı xudadır, Dəmadəm bülbüli-təbim sədası, Səhərgahan sənə mədhü sənadır. Oxu şerimi, ey məhrumzadə, Bilirsən ancaq ixlasım sanadır, Xudavəndə, Plendovun nicatın Füzun et kim, mənim dəstim onadır. Ədalət, həm hidayət ver ona, çün Ki, məlcəyi-məsakinü gədadır, Qamu aləm bulub ondan məramın, Nə tənha şəfqəti ancaq manadır. Kəmalü rifəti-Şirvan məlum, Maarif mədəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda: Biri Ağabəy və Mirzəbabadır. Biri Qüdsi ləğəb Abbasqulu bəy, Diyari-nəzmi-şerə padşadır. Qazax içrə olub şairlər, amma Əsami onların biintəhadır: Biri Vaqif ki, məşhuri-xəlayiq, Gözəl mədhində məlumi-şümadır. Biri Xəstə Vidadi təbi mövzun Ki, bəhri-nəzmi-şeri cabəcadır. İlahi, ol iki məğmum pirin, Günahı dərdinə səndən dəvadır. Biri Şair ləqəb məzlum şair, Xədimi-padşahi-Kərbəladır. Biri Arif, ona cövr etdi dövran Ki, qürbətdə şəhidi-mübtəladır. Xudavəndə qulundur Əbdürəhman, Tərəhhüm qıl biri çün Mustafadır. Mahali-Borçalıdan şair olmaz, Çıxan bir Şəmsəddinlidən Cəladır. Bunun tək Qələlidən gəldi Rizvan, Kəlami-nüsxəsi behcətnümadır. Biri Sadiq, biri Kazım, xülasə, Oların ismi ismi-övliyadır.... Əbubəkrü Ömər, Osmani-came Dəxi püşt-pənahım Mürtəzadır. Kazım ağanın bu kəlamı ən gözəl kəlamlarından birisidir. Məzmunca dəxi bunun qeyrilərə tərcihi budur ki, şair o əsrin şüəra və üdəbasını müşfiqanə və kəmali-ehtiram ilə yad edib, hər birisini öz təb və əxlaqına məxsus sifətlər ilə zikr qılıbdır. Məsələn, Abbasquluağa Bakıxanov Qüdsi təxəllüsü diyari-nəzmi-şerə padşah təyin edir. Təəccübdür ki, Kazım ağa öz müasiri Qasımbəy Zakiri yad etməyibdir və Qarabağ şüərasından bir söz yazmayıbdır. Yəqinən Salikin Qasımbəy ilə aşnalığı yox imiş və ələlcümlə Azərbaycan şüərasından onun şan və dərəcəsini uca tutarmış. Kəlamın axırında nə olubsa Kazım ağa təvsani-təbinin başından cilovu çıxarıb bir neçə namünasib sözlər deyibdir ki, buraya sığınacağı yoxdur. Şair özü də dediyi sözlərdən peşiman olub deyir: Gəl əl çək, Salik, hərcayi sazdən, Deyirlər ki, sənə bin-bihəyadır. Sənə layiq deyil hərcayi sözlər, Sənin təbin ki, bundan masəvadır. Qəzəl söylə ki, olsun yadigarın, Qəzəl şərh et ki, bu dünya fənadır. Bundan səva Salik hər qisim kəlamı vardır ki, cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır ki, onlardan öz vətənimizin, lisanımızın və millətimizin gözəl və can bəsləyən rayihəsi hiss olunur. Salikin mürəbbeatı lətafət və sadəlikdə Vaqifin, Vidadinin və Zakirin qafiyələrindən əksik deyil. Gözəl mədhində olan bir qafiyəsini bu sayaq başlayır: Ey şahin cilvəlim, şünqar şivəlim, Durnatək tellərin cığalanıbdır. Xəstə könlüm onu görəndən bəri Çıxıb asimana, havalanıbdır. Bu mürəbbeatın axır bəndini bu sayaq qurtarır: Məclislər zivəri gördüyün Salik, Xaqani, Ənvəri gördüyün Salik, Şairlər sərvəri gördüyün Salik, Gəl gör sənsiz necə gədalanıbdır. Özgə bir mürəbbeatında sevgilisi Tubuya xitabən yazıbdır: Ey Tubu! Baxışın yaxdı aləmi, Xumar gözün yenə qiyamət eylər Kəbəyi-kuyini görən kimsənə, Haşa ki, qibləyə ziyarət eylər. Qırqı başlı, tuyğun, tərlan cilvəli, Görməmişəm sən tək nazü qəmzəli, Sərasər yaxası qızıl düyməli, Baxdıqca özünə fəxarət eylər. Zahid baxsa zülfi-pərişanına, Tərk edər məscidi, gələr yanına, Sidqi-dildən canın qatar canına, Huri və qılmana məlamət eylər. Hər kimsə ki, sənə baxırsa gendən, Bil ki, öyrənibdir o halı məndən. Özgə təvəqqeim yox əsla səndən, Xəstə Salik sənə zərafət eylər. Bu qafiyələrdə şair bəzi istiarat və gözəl təşbihat ilə ki, ancaq türk dilinə məxsusdur, öz istəklisi Tubiyi-dilfiribi belə vəsf edir: "ğırğı başlı", "tuyğun, tərlan cilvəli", "şünqar şivəli", "durna telli", "nazü qəmzəli", "sərasər yaxası qızıl düyməli".... Bu sifətlər ilə vəsf və tərif olunan gözəl, əlbəttə, "baxdıqca özünə fəxarət eylər". Axiri-kəlamda şair ona deyir ki, sözlərimdən incimə, özgə təvəqqe və iltimasım yoxdur, səninlə xəstə Salik ancaq zarafat elər. Kazım ağanın qardaşı və bir rəvayətə görə əmizadəsi Mustafa ağa Arif Rusiyada zəval təriqi ilə məhbus olan vaxtı ona yazmışdır: Agah et, ey bad, məndən ol vəfalı həmdəmi, Söylə, gəl gör əşkidən ruyimdə bəhri-əzəmi, Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi, Vaxtdır, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi, Yoxsa bu tufana sənsiz çarəsaz olmaz gəmi! Aləmi təsxirə salmış fitnəvü ali-fələk, Aləmə məlumdur kim, boylədir hali-fələk, Aqilü nadan olubdur cümlə pamali-fələk, Sərv-qədlər qəddimi əymişdir ol zal fələk. Gör necə zal fələk təsxirə salmış aləmi! Düşmənidir bu zamanda hər kişi öz canının, Fərqi yoxdur bir-birindən aqilü nadanının, Vay, yüz min vay əlindən ədlsiz dövranının, Dərd üçün heç bir təbibin sudu yox dərmanının, Bu zəmanə zəxminin yox bir müvafiq mərhəmi. Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi, Mərhəmi-vüslət dilər bu tiği-hicran yarəsi, Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi, Olmuşam dəşti-fənada Arifin avarəsi, Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi. Mərhum Mustafa ağaya vətəninə müraciət etmək nəsib olmadı və həsrət çəkə-çəkə qürbətdə, bəzi rəvayətə görə Kazan şəhərində vəfat etmişdir. O, mərhumi-sitəmzədə və dilazürdənin Rusiyadan dost və yarananə nəzm ilə yazdığı məktublar indi də oxuyanlara təsir edib, onların gözlərindən bilaixtiyar yaş tökdürür. O ürəkyandırıcı şerlərdən məlum olur ki, Mustafa ağa Arif qürbətdə çox zillət və əziyyət ilə dolanırmış. Odur ki, Salik şüəraları zikr etdikdə onun barəsində deyibdir: Biri Arif, ona cövr etdi dövran Ki, qürbətdə şəhidi-mübtəladır. Hicrətin 1246-cı sənəsində İrana və Qafqazın qeyri yerlərinə vəba naxoşluğu düşmək babində Salikin yazdığı məxəmməs o vaxtın adamlarının əhval və əxlaqını bəyan edir. Onun bir neçə bəndini burada zikr etməyi lazım gördük. Çünki, şairin əqidəsincə, bu dəhşətli mərəzin vüquinə səbəb o əsrin adamlarının haqq yolundan çıxıb, küfr və zəlalətə düşməkləri olubdur ki, qəzəbi-ilahiyə giriftar olublar. Bu zəmanə bəyləri çün zülmə nail oldular, Həm qənilər qapısından məni-sail oldular, Oldular əşrarə bais, xeyrə hail oldular, Yıxdılar iman evin həm, əqli-zail oldular, Aldılar verdikləri əşyalar üstündən riba. İçdilər andü qəsəm hər ləhzədə məhz druğ, Verdilər hər bəzmdə şəmi-druğə min füruğ, Satdılar qatıq yerinə dik içində avduğ, Etdilər gərdənkəşanlıq misli Övc ibni-Ünuq. Padişahlıq iddia etdi dəxi hər bir gəda. Üləma qəlbini etmiş nəfsi-əmmarə xərab, Mədrəsə içrə tədərrüs eyləmiş tərki-kitab, Az qalıbdır parsalar eyləyə meyli-şərab, Zahidü şeyxin duası hərgiz olmaz müstəcab, Müxtəsər bu ki, düşübdür hər icabətdən dua.... ilaxir. Salikin burada zikr olunan əşar və kəlamından səva öz əsrinin əvza və əhvalına dair çox gözəl əsərləri vardır ki, tamamisini ruznamə sütunlarında yazmaq qeyri-mümkündür. O halda Azərbaycan türklərinin ədəbiyyatı barəsində yazdığımız kitabda Salikin haqqında lazım olan qədər məlumat veriləcəkdir. Burada möhtərəm "İrşad"ın vasitəsi ilə münasib məqal bilib, təzə zühur edən ədib və şairlərimizdən təvəqqe edirik ki, öz tərcümeyi-hallarını müxtəsər vəch ilə olsa da nümunəyi-əşarları ilə lütf edib bizə göndərsinlər. Kəmali-məmnuniyyətlə qəbul edib məcmuəmizi müzəyyən qılarıq. * * * Redaksiyaya məktub C. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz. Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans". Mən erməni dramaturqunun istedadının böyük pərəstişkarı kimi onun xahişini yerinə yetirməyi özüm üçün müqəddəs vəzifə hesab edirəm və ona görə də Şərq filosofu və şair Mirzə Şəfi haqqında onun istədiyi məlumatı dərhal toplamağa başladım. Mən bu fikirdə idim ki, topladığım materialı şəxsən mərhum Sundukyansa təqdim edim və bu yol ilə də onunla tanış olum. Lakin amansız ölüm qəflətən onu alıb apardı və məni də onunla tanış olmaq xoşbəxtliyindən məhrum etdi. Mərhum Sundukyans bizim cəmiyyətin müxtəlif tərəflərini və hadisələrini düzgün və bacarıqla müşahidə edən bir müəllif kimi bir çox cəhətdən müsəlmanlarda dramaturgiya sənətinin banisi Mirzə Fətəli Axundovu xatırladır. Onların istedadları arasında ümumi cəhətlər çoxdur. Bu da bizi bir-birimizə yaxınlaşdırır və bir-birimizi ümumi məhəbbətlə isindirir. Onun "Axşam səbri xeyir olar" əsəri müsəlman həyatından düzgün seçilmiş bir əhvalatdır və S.M.Qəniyev onu Azərbaycan dilinə bacarıqla tərcümə etmişdir. Bu böyük dramaturqun və humanist vətəndaşın ölümü yalnız ermənilər üçün deyil, habelə Qafqazda yaşayan digər millətlər üçün də əvəzolunmaz bir itkidir. Allah ona rəhmət eləsin. Bu böyük dərddə onun ailəsinə, dostlarına və xalqına səbr versin. * * * Sabir haqqında "Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı. Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi. 1907-ci sənədə "Molla Nəsrəddin"in 10-cu nömrəsində Sabirin dərc olunmuş tərci-bəndi ki, bu sayaq başlanır: Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə ziynətn-təndir; Əfal yox, ancaq işimiz lafi-dəhəndir, Dünyada əsarətlə bütün kam alırız biz! Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!-- -- dillərdə mədh ilə zikr olunurdu və məclislərdə əzbərdən oxunurdu. Sabirin təbində bir o qədər zəriflik və dilində elə bir lətafət var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür. Bizi dərin fikrə salan bizim bu qədər bihümmət, biqeyrət olmağımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir. Hacı Seyid Əzimin dəstpərvərdəsi olan Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdə xəstə olub yatır. Amma biz onun yoxsulluğundan və ağır halda naxoşluğundan bixəbər və qafil oturmuşuq. Onun varlığı ilə yoxluğu halımıza xələl yetirmir, keyfimizi pozmur; bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və bu qədrnaşünaslıq deyilmi? İndi yenə də ürafa və əhli-qələmimizə ricu edib, xəstə şairimizə maddi kömək etməyi təmənna edirik və kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır. * * * Soltan Məcid Qənizadə İyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir. Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur. Çox qabil və müəllimlik işlərində mahir vücudlar bu sənətin ağırlığına tab gətirməyib, öz şəxsi mənfəətlərini nəzərə almışlar, bunlar məktəbin qapısını bağlı və məsum balaları gözü yaşlı və ürəyi dağlı qoyub, başqa xeyirli, yüngül və avam nəzərində hörmətli sayılan qulluqlar dalınca getmişlər. Polis dəftərxanasını məktəb kimi pakizə məkana, vali qamçılı, beli şaşqalı qaradovoyları və qazaqları şirin dilli, xoş əda, sadə dil, sevimli məktəb şagirdlərinə tərcih vermişlər. Müəllimliyin ağır işlərini, müqəddəs vəzifə və təkliflərini əmələ gətirməkdə sabitqədəm durub, hünər göstərən müəllimlərimizdən biri də möhtərəm bəradərimiz Soltan Məcid Qənizadə cənablarıdır ki, iyirmi beş il sərasər maarif yolunda dili, fikri və qələmi ilə səy etməkdədir. Gələcəkdə dəxi belə sədaqətlə millətimizin tərəqqi və təalasına xidmətlər göstərməsinə ümidvarıq. Soltan Məcid Şamaxı şəhərində 1866-cı ilin aprel ayında anadan olmuşdur ki, hicrətin 1283-cü ilinə və zilhiccənin ibtidasına mütabiqdir. Atası Şamaxının möhtərəm tacirlərindən Hacı Molla Mürtuza Əlidir və anası Fatma Hacı Məhəmməd qızıdır; babaları Dədə günəş[1] silsiləsindəndir. [1] Soltan Dədə günəş Şamaxı mahalında olan Dədə günəş kəndində dəfn olunmuş. Bir rəvayətə görə, həzrət Əli ələmdarlarından bir zat imiş, bu halda qəbri müsəlman və erməni arasında ziyarətgahdır. Soltan Məcid Qənizadənin üçüncü və ya dördüncü babası məşhur Azərbaycan şairlərindən Ağa Məsih Şirvanidir. Çox gözəl təbi varmış və əsərlərindən bizdə bir neçə şerləri vardır. Bizə göndərdiyi bir məktubunda Soltan Məcidbəy yazır ki, öz atasından oxuyub-yazmaq öyrəndiyi vaxt aşağıdakı şerin əzbər bilinməsi tövsiyə olunmuşdur: Ey oğul, ittihadi-millət elə! Səy elə, qeyrət elə, hümmət elə! Pədərin ismi Mürtuza Əlidir, Fatimə madərindir, ismət elə! Çün Hüseyn həq yolunda qurbandır, Sən də tut həq yolun, mürüvvət elə! Bu şerlərdən mərhum Hacı Molla Mürtuza Əlinin də əksər əhli-Şamaxı kimi təbiəti-şeriyyəsi olduğu anlaşılır. Uşaqlıqda Soltan Məcid Qənizadə quran, qiraət və yazı dərslərini məhəllə məktəbində oxumuşdur; sonra mərhum Hacı Seyid Əzim Şirvaninin öz əsrinə görə müntəzəm olan məktəbində üç ilə qədər türk, fars və bir qədər rus dillərini öyrənmişdir, bundan sonra şəhər məktəbinə daxil olub, burada rus dili ilə bərabər Seyid Əzim Şirvaninin abdar şerlərini öyrənməyə artıq meyl və həvəs göstərərmiş. 1883-cü ildə Tiflisdəki Aleksandrovski institutuna imtahan ilə girib, dörd il təhsildən sonra 1887-ci sənədə buranın da kursunu qurtarmışdır. Haman sənədə öz həmşəhərlisi möhtərəm Həbibbəy Mahmudbəyov ilə bir yerdə Bakıda əvvəl dəfə olaraq "russko-tatarski" adlı xüsusi bir məktəb bina etmişlər. Təlim işlərinə məşğul olmaqla bərabər Qənizadə cənabları bir tərəfdən də təzə qayda ilə dərs vermək üçün türk və fars dillərində əlyazıları hazırlamağa çalışmışdır. Təzə məktəb Bakı camaatının xoşuna gəlib, ona meyl və həvəs etməyə başlayırlar. Camaat rəisləri bu qisim məktəbin qaydasınca başqa məktəblər də açmağa həvəs edirlər və bunlar üçün şəhər xəzinəsindən həmişəlik para xərc etməyə qərar qoyurlar. Bu vaxtlarda Qafqazda maarif müdiri olan Yanovski Qənizadə ilə Mahmudbəyovun təzə qayda ilə açılmış məktəblərini ziyarət edib, həm şagirdlərin oxumasından və həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalmışdır və bu məktəbi hər yerdə vəsf etmişdir. 1891-ci sənədə Soltan Məcid Qənizadə ilə Mahmudbəyovun açdığı xüsusi məktəb qapanıb, şəhər xərci ilə iki "russko-tatarski" məktəb açılmışdır ki, bunların birində Soltan Məcid Qənizadə cənabları müdir təyin edilmişdir. Yeddi-səkkiz il burada təlim və tədrislə məşğul olub, öz məktəbini böyük dərəcəyə, yəni altı klaslı şəhər məktəbi dərəcəsinə yetirmişdir və burada 1905-ci ilə qədər nazirlik (inspektorluq) etmişdir. Bu il namestnik (canişini-Qafqaz) fərmanı ilə Qoridə Zaqafqaz darülmüəlliminin müsəlman şöbəsinə inspektor təyin olunmuşdur. Öhdəsinə götürdüyü vəzifələri öz layiqi ilə əmələ gətirib, şöbənin və müsəlman şagirdlərinin haqlarını və ixtiyarlarını mühafizə etməyə qeyrət göstərmişdir. 1908-ci ildə Bakı quberniyası və Dağıstan oblastına inspektor təyin olunmuşdur ki, bu halda haman qulluqda davam etməkdədir. İndi isə iyirmi beş il bundan irəli binasını qoyduğu "russko-tatarski" məktəblərin daha da artıq tərəqqi etməsinə səy və qeyrət göstərməkdədir. Maarif işlərinə xidmət etdiyi vaxtlarda qələmə aldığı dərsləri məcmuə surətində toplayıb, bu dərslərə dair bəzi yazılar, lüğət, xəritə və başqa dərs alatının vücuda gəlməsinə səy etmişdir. Qulluğunun ikinci ili "İstilahi-Azərbaycan" və üçüncü ili "Lüğəti-rus və türki", sonra "Rus dilinin dilmancı", beşinci ili "Lüğəti-türk və rusi" adlı kitablarını təb etdirmişdir. Üsuli-sövti ilə dərs verməyi asanlaşdırmaq üçün "Əlifbayi-mütəhərrikə" icad etmişdir. Müsəlmanların rus dilini öyrənməyə meyl və rəğbətini görüb, 1893-cü ildə müxtəsər rus əlifbası tərtib edib, çapa vermişdir. Fars dilinin təlimi üçün möhtərəm Əliskəndər Cəfərzadə cənabları ilə bərabər "Kilidi-ədəbiyyat" adlı kitabça yazmışdır. Təlim və tədrisə lazım olan kitablarla bərabər türk dilində bir çox hekayə və romanlar yazmışdır ki, bunların hər birinin başqa vəsf və tərifə ehtiyacı vardır. Uşaqlar üçün nəzm ilə yazdığı "Tülkü və çaq-çaq bəy" nağılı Qənizadənin təbi-səlim sahibi olduğuna şəhadət verir. "Məktubati-Şeydabəy" sərlövhəsi ilə yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər birisində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik. İnşaallah, Qənizadənin bu əsərləri barəsində "Azərbaycan şüəra və üdəbası" adlı məcmuəmizdə ətraflı məlumat verərik. Bu əsərlərdən başqa, Qənizadə cənabları bir neçə hekayə və komediyalar rus və erməni dillərindən tərcümə və təbdil edib, təb etdirmişdir ki, bunlar dəfələrlə teatrolarda oynanmışdır. Qənizadənin "Axşam səbri xeyir olar", "Xor-xor", "Dursunəli, ballı-badı", "Yadımdadır", "Allah divanı" və "Əvvəlinci şərabçı" kitabçaları məşhurdur ki, bunlardan bəziləri beş-altı dəfə çapdan çıxmışdır. Hal-hazırda Orucovların mətbəəsində təzə üç hekayə: "Yaman qonşu", "Allah xofu" və "Qurban bayramı" adlı kitabları təb olunmaqdadır. Soltan Məcid Qənizadənin əsərlərinin cümləsi ədəbi dil ilə yazılmışdır, dili pür-ibarə isə də, ibarələri qəliz və dolaşıq deyildir. Bunları hər kəs oxursa asan olaraq anlar. Təzə yazıçılarımız kimi osmanlı ədiblərinə təqlid etməyib. Azərbaycan türklərinin dilinə məxsus olan şivədə yazmaqdadır. Möhtərəm bəradərimiz Qənizadənin iyirmi beş illik xidmətlərini nəzərə alıb, səmimi-qəlb ilə onu təbrik edirik. Cənab haqdan onun xoşbəxt və səlamət olmaqlarını arzu edirik ki, maarif işlərimizi islah edib, ədəbiyyat xəzinəmizi daha da gözəl əsərləri ilə dövlətləndirsin. * * * Təzə kitab Türk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciə) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük. Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar. Bir gecə Otellonun bədxahları qızın atasını yuxudan oyadıb ona xəbər verirlər ki, sənin qızın ismət və həyanı unudub qara ərəb ilə işrət etməkdədir. Brabansio bu əhvaldan ziyadə pərişan və qəzəbnak olub gedir senata şikayətə. Bu əsnada belə ittifaq düşür ki, osmanlılar Kipr (Qibris) cəzirəsinin üstünə hücum edirlər və senat Otellonu Kiprin valisi təyin edib, onu düşmənin müqabilinə göndərməyi qərar qoyurlar. Vəzir Brabansio şikayətə gələn vaxtı Otello dəxi məzkur işdən ötrü senata təklif olunur. Burada vəzirin şikayətinə artıq etina olunmayır və Dezdemona özü senatorların hüzurunda Otelloya olan məhəbbətini və onu özünə ərliyə qəbul etməsini kəmali-cürət və fəsahətlə təqrirə götürür. Kipr cəzirəsində Otello ilə Dezdemonanın eyş və işrəti çox müddət çəkmir. Adamların düşməni şeytan hər zaman və məkanda insan libasına girib bəni-növi-bəşər arasında fəsad və inqilab törətməkdədir. Otellonun paruçiki Yaqo ki, onun ziri-dəstində qulluq edirdi, öz ağasından narazı idi. Narazılığına ümdə səbəb onun zatında olan cibilli şeytənət, büxl və həsəd idi və bundan əlavə, o öz ağasından bir işdən bədgüman olmuşdu. Və bir də Yaqo xahiş edirdi ki, Otello ona leytenantlıq mənsəbini versin. Amma Otello o mənsəbi Kassio adında özgə bir şəxsə həvalə etmişdi. Kassio isə çox gözəl, insaflı və qeyrətli bir şəxs idi ki, öz ağasına və onun xanımıma səmimi-qəlblə məhəbbət və iradət göstərirdi. Yaqo Kassionun gözəlliyini əldə böyük dəstaviz edib, cüzi vəsilələr ilə aralığa fitnə və fəsad salıb, onu öz istəkli zövcəsindən bədgüman eləyir və Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. Yaqo öz arvadı Amaliyanı vadar edir Dezdemonanın dəsmalını oğurlamağa və Amaliya gedəndən sonra öz-özünə deyir: "Mən dəsmalı Kassionun otağına salaram, o da tapıb götürər, bədgümanlıqda lap cüzi əlamətdən böyük fəsadlar törər. Mən ərəbi zəhərləmişəm, onun xasiyyətindən ötrü bir yüngülcə bədgünanlıq çox böyük zəhərdir. Əvvəlcə o zəhər təsirsizdir. Elə ki, qana qarışdı, kükürd kimi yandırıcı olur". Bu hində ərəbi kənardan ona tərəf gələn görüb deyir: "İndidən sonra nə tiryək, nə bəng və nə də dünyanın bir dərmanı sənə dünənki rahat yuxunu qaytara bilməz". Amaliya dəsmalı oğurlayıb ərinə verir və əri də onu Kassionun otağına atır. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür və məlum ola ki, həmin dəsmalı Dezdemonaya Otello bağışlayıb. Ondan təvəqqe edilmişdi ki, onu yaxşı saxlasın, çünki anasının yadigarıdır. Buna binaən Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən onun sorağını edirdi. Çün dəsmalı çox zərif və üstü gözəl çiçəklər ilə tikilmiş bir dəsmal idi. Kassio onu öz aşnası Biankaya vermişdi ki, onun mislini ona tikib versin. Yaqo şeytənət edib Otelloya deyir ki, Dezdemonanın sənə olan xəyanəti ondan naşidir ki, sənin əziz yadigarını öz sevgilisi Kassioya bağışlayıbdır. Bu xəbər hər şeydən artıq ərəbin namusuna toxunub intiqam almaq arzusu onun qəlbinə şöləvər olur. Yaqo ona söz verir ki, Kassionu öldürsün. O da Yaqoya deyir ki, mən öz bivəfa zövcəmi tikə-tikə doğrayacağam. Yaqo ona məsləhət görür ki, onu doğramasın və zəhərlə dəxi öldürməsin. Onu biüzm elədiyi yorğan-döşəkdə boğsun. Hirsli ərəb dəxi bu şeytanın vəsvəsəsinə firiftə olub öz istəkli zövcəsini boğub həlak eləyir. Nə qədər Dezdemona ona yalvarıb özünün pak və günahsız olmağını ona isbat edirsə, o qəbul etməyir. Biçarə Dezdemona gecənin yarısında can verən zamanı Yaqonun arvadı Amaliya oraya gəlib Kassionun yaralanmağını ərəbə xəbər verir və öz xanımının ah və naləsini eşidib, tələsik özünü onun üstünə salır və görür ki, canını təslim etməkdədir. Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfərasət ərəbin haqqında söyləməyə. Dezdemonanın pak və ismətli olmağını Otelloya sübut edib həqiqəti-halı və dəsmalın oğurlanmasını bişüur ərəbə bildirib, hər bir barədə öz mühil və müfsid əri Yaqonu müqəssirləndirir. Bu halda Yaqo dəxi oraya gəlib öz övrətinin sözlərini eşidəndə görür ki, işin üstü açılır və bir zərbə ilə övrətini həlak edir. Otello əhvalı biləndən sonra çox peşiman olur; və lakin bu peşimanlıqdan bir səmər olmadığını bilib, əvvəlcə Yaqonu və sonra özünü həlakə yetirir. Bu ibrətamiz və riqqətəngiz faciəni ədibi-binəzir Şekspir ziyadə məharətlə tərtib və tənzim edibdir. Belə ki, səhnəyi-tamaşada neçə dəfə vəz olunmuş isə də, tamaşa edənləri ağladıb qəmnak qılmışdır. Bu tragediya nüktəamiz hissiyyati-aliyyə və əfkari-həkimanə ilə malamal olmağa binaən mütaliəsini hər əhli-savad müsəlman qardaşa səlah görürük. Nəzərimizə gələn qüsurlardan bəzilərini burada göstərməyi dəxi lazım bilirik. Əvvəla, cənab mütərcim dilin sadəliyini nəzərə alıb da kitaba elə kəlmələr daxil edibdir ki, onlar yalnız bir Qarabağda istemal olunur. Məsələn: "hasand" asan əvəzinə, "haçar" açar əvəzinə, "heylə" elə əvəzinə, "pikara" cüzi əvəzinə və habelə. Və saniyən, bir para əlfaz və ibarələri cənab mütərcim eyni ilə rusdan türk lisanına tərcümə etməkləri ilə əsil mənanı dolaşdırıb çətinə salıbdır və bir neçə yerlərdə kalamdan əsla məna çıxmayır. Məsələn, 33-cü səhifədə: Yaqo — Xeyir, gözəl heç vaxt axmaq olmaz və axmaqlıq ona evlad sahibi olmağa mane olmaz. Yenə həmin səhifədə: Yaqo — Dünyada o çirkin və əqilsiz yoxdur ki, gözəl və əqillilər doğan axmaqlardan doğmasın. 37-ci səhifədə: Yaqo — Bundan əlavə cavan və gözəldir, hansılara ki, cahıllıq və axmaqlıq həmişə həmağuşdur, bu da qəribə çapıq şeytandır. Dezdemonaya bir qədər təsir edib…. 70-ci səhifədə: Otello — Dünyada hərgah xəncər, kəndir, od, dərin sular qalırsa, o bivəfalığa səbr edə bilməyəcəyəm, allah rizasına, tez yəqinlik verin. Bu kəlmələrin çoxusu, necə ki, oxucular özləri müşahidə edirlər, əsla biməzmundur və əgər bəzində məzmun var isə, o da qəliz və bitərkib ibarə və əlfazlar ilə pərdələnibdir desək səhfimiz olmaz; və salisən, bir para eyham və kinayələr ki, rus dilində onların məxsusi mənaları var, türk dilində ola bilər ki, onlardan məna çıxmasın. Məsələn: 89-cu səhifədə: "Otello — Onu tikə-tikə eləyəcəyəm, o mənə buynuz qayırır?" Rus dilində flan arvad ərinə buynuz qoyubdur demək, ona işarədir ki, öz zövcü haqqında xəyanət edib, kənardan özünə aşna tutubdur. Amma türk dilində buynuz qayırmağın əsla mənası yoxdur. 95-ci səhifədə: "Bir damcı səbir", "zəhlə getmək barmağı" kimi istilahlar rus və ya sair dillərdə varsa da, bizim türk lisanında yoxdur. Bununla belə, zikr olunan qüsurlar kitabı qiymət və hörmətdən salmayır, o çox gözəl və sadə dildə tərcümə olunubdur. Hər kəs mütaliə etsə başa düşər. Çap olunubdur Badikubədə; qələt və səhfləri çox azdır; fiyəti 50 qəpikdir. Talib olanlar mütərciminə rücu etsinlər: Şəhri-Şuşa, müəllim Haşımbəy Vəzirov. * * * Taybuynuz öküz Bu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təəccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyəcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…." Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir…. Amma işə gələndə hamı çarpalardan əvvəl yada düşən taybuynuz öküz olur. Odunamı getmək, suyamı getmək lazımdır, taybuynuz öküz olsun, cüt əkməkmi lazımdır, yenə taybuynuz öküz gəlsin, dəyirmana dən aparmaq və dəyirmandan unu evə gətirmək taybuynuz öküzün borcudur, xırmanda taxıl döymək ancaq taybuynuz öküzün işidir. Bu ağır işə yayın isti günlərində ondan savayı hansı heyvan tab gətirə bilər? Və çox vaxt xırman döyəndə yazığın ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfindən yeməsin. Bunların hamısına yenə bir sayaq tab gətirmək olar, bunlar demək olur ki, dərdin yarısıdır. Fəqirin işi ələlxüsus çətinə düşür köç-düş zamanı. Məlumdur ki, bir az hava qızdı, tərəkəmə əhli aranda dayana bilməz. Gərəkdir yaylağa qaçsın və orada soyuq düşənə kimi gərək bağ-bostan solmamış özünü arana yetirib şalaqdan və kal meyvədən yeyib qızdırmaya düşsün. Bu dağdan arana və arandan dağa köçən zaman taybuynuz öküz kor əzabı çəkir: harada ağır və narahat yük varsa sarınır onun belinə və bundan əlavə bir o qədər də üstəlik qoyulur. Köç vaxtı özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə ağırlığına, yüngüllüyünə baxmayıb atır dilsiz-ağızsız heyvanın üstə: sac, təknə, sacayaq, cəhrə, nehrə, yun darağı, toyuq səbəti, su sənəyi və yuz cürə belə şeylər bağlanır taybuynuz öküzün üstə və hansı ki, dinməz və fərağət durub üstünə yük qoyulduqca itaət boynunu əyib guya zəban halilə duyur: "Ey bimürüvvətlər! Çox da mən sizin cövr və sitəminizə səbr edib dinməyirəm; sizdə də bir insaf olsa nə olar, ey allahdan bixəbər insan!?" İndi, əzizim, cəhd elə taybuynuz öküzun halına düşmə, yoxsa insan övladından rəhm və mürüvvət gözləmək olmaz. Əgər bilmək istəsən ki, nə səbəbə taybuynuz öküzdən savayı özgə heyvanatın haqqında belə zülm olunmur. Onu da ərz eləyim, özgə heyvanlardan bəzisini, səbəb nə isə, sahibi əziz tutur. Ağır işə salmır ki, arıqlar, ətdən və sifətdən düşər. Bəzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır və üstündə olan qab-qacağı töküb sındırır. Bəzisi də kahıl və inad olub, işə getmir. Yük altında bir az yol gedib yatır, elə ki, yatdı, daha durmağına ümid yoxdur, nə qədər acıqlanırsan, döyürsən, əsla ona kar eləməyir. Çox vaxt görürsən ki, yükünü də açıb özgə taybuynuz kimi heyvanlara yükləyirlər, yenə də durub getmək istəmir. Belə heyvanın dərisini soymaqdan başqa özgə əlac yoxdur. Və bəzisini də işə artıq qoşanda tündləşib buynuz göstərir, belə ki, axırda yenə zəhmət taybuynuz öküzün üstə düşür. Nə eləmək? Əvvəl başdan o binəvanın günü qara gəlibdir. Allah heç bəndəsini taybuynuz öküzün gününə salmasın! * * * "Usta Zeynal" Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur. Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir. Hekayənin çox sadə bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlərinə gəlir. Onun evində böyük canlanma və həyəcan vardır. Hamıdan çox ev sahibi narahatdır. Düzdür, qonaqları qəbul etmək üçün onun evində hər şey hazırdır, otaqlar təmizdir və onların hamısı yenicə sahmana salınmışdır, lakin bədbəxtlikdən bir neçə gün bundan əvvəl çox şiddətli yağan yağışdan sonra zalın səqfinin bir tərəfindən su axmış və səqf uçulub tökülmüşdür. Oğlu gələnə qədər səqfin uçan yerini suvayıb düzəltmək lazımdır. Oğlu isə alınmış teleqrafa görə iki gündən sonra gəlməli idi. Bədbəxtlikdən Muğdusi Akopun tanışı, bənna Usta Cəfər bu vaxt başqa yerdə işləyirdi. Onda o, öz dostu Hacı Rəsulun məsləhəti ilə İrandan gəlmiş Usta Zeynal adlı birisini işləməyə götürür. Öz vətəninin həqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam əksini təşkil edir. Axırıncı üçün vaxt qızıldır, hər dəqiqə qiymətlidir və adam gərək ondan istifadə etsin. Birinci üçün isə rus atalar sözündə deyildiyi kimi, iş ayı deyil ki, meşəyə qaçsın; tələsmək lazım deyil, hər işi səbrlə-aramla görmək və allaha bel bağlamaq lazımdır. Tələsiklik və həyəcan ancaq işi korlaya bilər. Allahın köməyi olmadan bir iş görmək olmaz və onsuz işə başlamaq da lazım deyildir. Nə qədər ki, Muğdusi Akop bacarıqlı, öz mənfəətini güdən və işgüzardır, o qədər Usta Zeynal fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövhdür. O iş ki, Muğdusi Akopdan bir saat vaxt tələb edir, Usta Zeynala görə bu işə ən azı bir gün vaxt sərf etmək lazımdır. O işi ki, Muğdusi Akop bu gün görməlidir, Usta Zeynala görə, onu sabah da, o biri gün də yerinə yetirmək olar, çünki tələsməyin yeri yoxdur, hər şey allahın iradəsindən asılıdır. Lakin Usta Zeynalın əsas nöqsanı onun boşboğazlığı və özünəməxsus filosofçuluq etməsindədir. Muğdusi Akopa verdiyi suallara qısa və başqaçırıcı cavablar almasına baxmayaraq Usta Zeynal ondan əl çəkmir və işi yarımçıq qoyaraq lazımsız boşboğazlığa başlayır. Nəhayət, hövsələsi daralmış ev sahibi ona kəskin surətdə deyir ki, o, bura söhbət üçün deyil, işləmək üçün gəlmişdir. Ev sahibinin bu töhmətindən qəti narahat olmayan Usta Zeynal Muğdusi Akopa təskinlik verir ki, inşaallah işi təyin edilmiş vaxta görüb qurtaracaqdır. Lakin o, qətiyyən tələsmir, tez-tez çubuq çəkir, vaxtı-vaxtında namaz qılır və ev sahibi yanında olmayanda özü kimi Şərqin tənbəl və boşboğaz oğlu olan köməkçisi Qurbanla birlikdə filosofluq edir. İş isə çox ləng və yavaş görülür. Usta Zeynalla Qurban arasında necə söhbət getdiyi haqqında oxucuya məlumat vermək üçün onların danışığından aşağıdakı səciyyəvi yeri misal gətirirəm. Qurban Usta Zeynala tasda gəc verərək deyir: "Usta, bizim xozeyin yaxşı adama oxşayır…." "Yaxşı adam olmağına yaxşı adamdı, allah dinə gətirsin, amma nə fayda?!" "Usta, mən bir şeyə mat qalıram. Yaxşı, ermənilər bu aşkarlıqda zadı görmürlər? Bunlar niyə bəs dönüb müsəlman olmullar?…" "Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək. Bu işlərin hamısının bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məssəbimiz olarınkından yaxşıdı. Xudayi-əzz və cəll." "Usta, sözünü də kəsirəm, hələ deyək ki, müsəlman olmasınlar, mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər." Usta Zeynal malanı qoydu taxtanın üstünə, çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi: "Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər…. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır…." "Bəli, qıl körpüdən keçəndədi tamaşa!" "Qurban, bilirsən nə var? İşin əsli haqq yolu tanımaqdadır; insan ki, haqq yolunu tapdı, insan ki xudayi-taalarını…." Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu: "Ay xozeyin, səni and verirəm incilə, bir mənə de görüm, o zəhirmarda nə ləzzət görübsünüz ki, yeyirsiz?" Bu sözlərə cavab olaraq Muğdusi Akop deyir ki, o, Usta Zeynalı dini təbliğata qulaq asmaq üçün deyil iş üçün gətirmişdir. Çox keçmədən, Usta Zeynal işi yarımçıq atır və pərt çıxıb gedir ki, bu da Muğdusi Akopu çox dilxor edir. Əhvalat belə olur: İkinci gün məlum olur ki, kütbeyin Qurban öz yaddaşsızlığı üzündən Usta Zeynalgildən gətirilmiş ləyəni bir kənara qoyub, bütün günü erməninin səhəngində su daşımış və bununla da nəinki təkcə Usta Zeynalın üst-başını, hətta bütün işi murdarlamışdır. Bizim nadan və fanatik ruhanilərin təlimi əsasında tərbiyə almış Usta Zeynalın tipi Cəlil Məmmədquluzadə tərəfindən çox müvəffəqiyyətlə və məharətlə yaradılmışdır. Kitaba tipik şəkillər çəkilmişdir. Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatırladan hekayələri bizim mədəni ziyalılarımızın nəzərini cəlb etməyə tam layiqdir. Lakin nədənsə dövri mətbuat "Usta Zeynal"ın üstündən sükutla keçmişdir. * * * "Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə (Redaksiyaya məktub) Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm. Hər şeydən əvvəl, cənab Şirvanski dərsliyi süni olaraq beş hissəyə ayırır ki, onların hər birinin haqqında ayrıca mülahizə söyləsin. Kitab cəmi iki hissədən ibarətdir: birinci hissədə rəsmxətt öyrətmək üçün 50-yə qədər cizgi, genetik üsulla hüsnxətt öyrətməyin tam kursu, əyani-sövti üsulla yazını və oxunu birlikdə öyrətmək üçün əlifba, habelə Azərbaycan yazı və çap əlifbası dərc olunmuşdur. İkinci hissə əlifbadan sonra ilk oxu kitabıdır və uşaq anlayışına uyğun olan kiçik məqalələrdən, təmsillərdən, orijinal və tərcümə edilmiş şerlərdən ibarətdir. Cənab Şirvanski rəsmxətt üçün birinci səhifədə dərc olunmuş nümunələri dərsliyin qüsurlarından hesab edir və onun fikrincə, bu nümunələrin heç biri müsəlman həyatından götürülməmişdir. Biz isə təsdiq edirik ki, həmin şəkillərin əksəriyyəti məhz müsəlman həyatından götürülmüşdür; burada yalnız mebel qismindən olan, məsələn, stol, stul, çarpayı kimi son zamanlarda az-çox varlı müsəlman evlərinin, demək olar ki, hamısında təsadüf olunan şeylər istisna təşkil edə bilər. Həmin nümunələrin arasında saat, lampa, çaynik, stakan, kəllə qənd, ağızlıq, kitab, çeşmək və ilaxir kimi şeylərin də şəkilləri vardır. Belə olan surətdə demək olarmı ki, istisnasız olaraq bu şəkillərin heç biri müsəlman həyatından götürülməmişdir? Doğrudanmı cənab Şirvanski belə hesab edir ki, azərbaycanlıların saatı, çeşməyi, lampası, çayniki, tərəzisi və orağı öz formasına və zahiri görünüşünə görə rusların, yaxud gürcülərin işlətdiyi həmin şeylərdən nə ilə isə kəskin şəkildə fərqlənməlidir? Cənab Şirvanski əlifbanı, yəni uşaqlara ana dilində savad öyrətmək üçün verilmiş ilk dərsləri nəzərdən keçirəndə də bu cür məhdudluğa və bundan da qəribə ifrata yol verir. O belə hesab edir ki, dərsliyin bu hissəsi "42 şəkillə gözəl və zəngin bəzənmişdir, bu şəkillərin isə heç birinin bizim həyatla hətta uzaq bir əlaqəsi də yoxdur, dərsliyin qüsurlarından biri də elə budur". Cənab Şirvanskinin "Vətən dili" kitabındakı əlifbanın şəkilləri haqqında bu qədər qəti şəkildə dediyi bu fikri müəllifin, haqqında mülahizə yürütdüyü predmetlə tanış olmadığını və bu barədə heç nə bilmədiyini göstərir. Adətən uşaqlara ilk savadı öyrətmək üçün əlifba bir neçə dərsdən ibarət olur. Hər dərsdə uşaqlara bir və ya iki səs öyrədilir; şagirdlər həmin səsləri müəllimin aydın və uzadaraq dediyi və hər hansı bir predmeti bildirən müəyyən sözlərdə axtarıb tapırlar. Məsələni asanlaşdırmaq, əyani və maraqlı etmək üçün müəllim ya həmin predmetin özünü, ya modelini, ya da şəklini şagirdlərə göstərir; şagirdlər həmin predmetin adını deyirlər: məsələn, "At" sözündə şagirdlər "t", "Diş" sözündə "i", "Açar" sözündə "ç" səsi ilə tanış olurlar və i. a. Tamamilə aydındır ki, əyanilik üçün predmetlərin əlifbada verilmiş şəkillərinin bu və ya digər bir xalqın və ya millətin həyatı ilə müəyyən bir əlaqəsi yoxdur və ola da bilməz. İnsan bədəni üzvlərinin, ev heyvanları və quşlarının, dərs vəsaitinin və bir çox müxtəlif predmetlərin şəkilləri, milliyyətindən asılı olmayaraq, hamı üçün eyni bir mənanı və anlayışı ifadə edir. Cənab Şirvanski kimi inandıra bilər ki, Çernyayevskinin dərsliyinin dördüncü səhifəsindəki şəkildə "Azərbaycan atı" yox, "rus atı", yaxud 11-ci səhifədəki şəkildə "Azərbaycan dişi" yox, "gürcü və ya erməni dişi" göstərilmişdir? Əgər inandıra bilməzsə, onda 42 şəkildən heç birinin bizim həyatla (yəni müsəlman həyatı ilə) ən uzaq bir əlaqəsi belə olmadığını bu qədər qəti şəkildə söylərkən, görəsən dediyi sözlər üzərində heç düşünübmü? Daha sonra Şirvanski dördüncü hissədə özünün süni surətdə düzəltdiyi yazı və çap hərfləri haqqında danışarkən onu əyanilik xatirinə (?) və şagirdlərin asan mənimsəməsi üçün (nəyi?) kitabın əvvəlinə keçirməyi faydalı hesab edir. Cənab Şirvanski burada da özünün bu tipli dərs kitabları ilə tanış olmadığını büruzə vermişdir. Sövti üsulla ilk savad öyrətmək işində əlifbanı əvvəldə verməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu zaman şagirdlərə hərflərin adları öyrədilmir, bəlkə, didaktika qaydası ilə, yəni deyilişi asan olan səslərdən çətinlərinə keçmək yolu ilə səslər, saitlər və samitlər əzbərlədilir. Şagirdlər öyrəndikləri dilin bütün səslərini əsaslı surətdə mənimsədikdən sonra onları səslərin işarələri ilə, yəni əlifbanın düzülüşü ilə tanış edirlər. İşə heç bir xələl gətirmədən əlifbanı dərslikdən cəsarətlə çıxartmaq da olar. "Vətən dili"nin II hissəsinin qüsurları haqqında danışarkən cənab Şirvanski ona diqqət edir ki, Talıbzadənin "Laylay" adlı bir orijinal şerindən başqa, burada verilmiş bütün məqalələrin, hekayələrin, təmsillərin, şerlərin, məsəllərin (?) hamısı başlıca olaraq rus ədəbiyyatından, özü də ən çox Krılovdan və Puşkindən (?) edilmiş tərcümə və ya iqtibas xarakterli əsərlərdir. Cənab Şirvanski bunu "Vətən dili" dərsliyinin ən ciddi nöqsanlarından biri hesab edir və deyir: "Burada biz belə bir məlum həqiqəti yada salmaq istəyirik ki, uşaqlar üçün hazırlanan dərslikdə ilk qiraət dərslərinə çox ehtiyatla yanaşmaq, burada milli və orijinal olmayan hər şeydən qaçmaq lazımdır". Cənab Şirvanskinin fikrincə, belə kitablar üçün türk ədəbiyyatı klassiklərinin əsərlərindən alınmış nümunələr material ola bilər, çünki onlar "öz ölməz əsərlərində o qədər incilər vermişlər ki, xarici müəlliflərin əsərlərini tərcümə etməyə ehtiyac yoxdur. Yalnız bu klassiklərin əsərlərini işləmək, yəni ərəb-fars ifadələrini çıxarıb atmaq, onu uşaqların anladığı türk sözləri ilə əvəz etmək lazımdır". Yalnız cənab Şirvanski kimi Azərbaycan ədəbiyyatı ilə qətiyyən tanış olmayan adamlar belə düşünə bilərlər. Görünür, cənab Şirvanski bilmir ki, Qasımbəy Zakirdən və Hacı Seyid Əzim Şirvanidən başqa, Azərbaycan yazıçıları və şairləri elə bir əsər verməyiblər ki, uşaqların oxuması üçün əlverişli və yararlı ola bilsin. Yuxarıda adlarını çəkdiyimiz şairlərin isə bəzi təmsilləri və şerləri yalnız üçüncü və dördüncü təhsil illərində oxunmaq üçün yararlıdır. Onların əsərlərində fars, ərəb sözlərini təmizləmək kimi bir dəyişiklik etməyə bizim nə ixtiyarımız və nə də imkanımız yoxdur: kiçik bir dəyişikliklə biz həmin şerlərin ahəngini, axıcılığını və vəznini pozmuş olarıq. Bu şairlər söz sənətkarı hesab olunurlar və öz bədii əsərlərində onlar doğrudan da bir çox qiymətli incilər yaratmışlar. Lakin uşaqlar üçün düzələn dərslikdə bu incilərin yeri yoxdur. Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə olmamışdır və indi də yoxdur. Müasir şairlər bu cəhətdən yeni yetişən nəslə kömək etmək və məktəblərimizin bu təbii ehtiyacını, heç olmazsa, az-çox ödəmək üçün nəinki çalışırlar, onlar hətta türk şairlərinə kor-koranə təqlid edərək dilimizi rəhmsizcəsinə korlayır və ədəbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlər. İlk dərslərdə oxumaq üçün onların əsərlərindən bir şey seçib götürmək, südəmər uşağa çətin həzm olan bərk bir qida verməyə bərabərdir. Öz-özlüyündə aydındır ki, belə bir vəziyyətdə, özünə yararlı material tapmayanda, istər-istəməz müsəlman olmayan müəlliflərin əsərlərinə müraciət edəcəksən. Bununla birlikdə, biz cəsarət edib cənab Şirvanskini inandırmaq istəyirik ki, "Vətən dili" kitabında Talıbzadənin "Laylay" şerindən əlavə bizim ədəbiyyatdan və həyatdan alınmış xeyli material vardır. Bunlardan "Çoban və güzgü", "İki dost", "Bülbül və qarışqa", "İlan və zəli" və sairəni göstərmək olar. Həmçinin resenziya müəllifini inandırmağa cəsarət edirik ki, "Vətən dili" kitabında bir dənə də olsun tərcümə edilmiş məsəl və tapmaca yoxdur. Onların hamısı orijinaldır, xalqdan götürülmüşdür. Puşkinin əsərlərindən isə "Vətən dili" kitabı üçün heç nə götürülməmişdir. Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski "Vətən dili" kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış və kitabı yalnız səthi surətdə nəzərdən keçirtdikdən sonra öz rəyini yazmışdır. O, dərsliyin ən başlıca məziyyətlərini: sövti üsulla savad öyrədilməsi üçün hər bir dərsin diqqətlə işləndiyini, kitabın dilinin sadəliyini və anlaşıqlı olduğunu, izahın canlılığını və aydınlığını nəzərdən qaçırmışdır. Mərhum Çernyayevski hərçənd ki, Azərbaycan ədəbiyyatının bilicisi deyildi, lakin o, gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün öz dərsliyini tərtib edərkən o, bir pedaqoq kimi, yararlı material seçməyi və bu materialı canlı uşaq dilində düzəldib təqdim etməyi bacarmışdır. Bizim əqidəmizə görə, Uşinskinin birinci il "Rodnoye slovo" ("Ana dili") dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir. * * * Vəfati-şair Bu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcəkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı. Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu. Mərhumun tərcümeyi-halı və asarı haqqında gələcəkdə əhəmiyyətli məlumat yazmağı möhtərəm oxucularımıza vədə veririk. Onun məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır. Allahdan Borjom seyfiyyəsinin basəfa bir küncündən Sabirin ruhi-pakinə salamımı yetirib, əhl-əyalına və xiş-əqrəbasına sərsəlaməti verirəm. * * * Vaqif və Vidadi və bunların dostluğu Milli şüarımızdan məşhur Molla Vəli Vidadi təxəllüsün vəfatından bu il tamam yüz il, yəni bir əsr gəlib keçir. O cəhətə onun adını hörmətli jurnallarımızda — "Dəbistan" və "Rəhbər"də zikr edib, oxuculara Vidadinin barəsində bir para məlumat verməyi lazım gördük. Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. Qazax mahalında bunlar öz əsrlərinin əhli-kəmalı və sahibi-elm və mərifəti olub, müasirləri arasında özlərinə şan və hörmət qazanmışdılar və hər ikisinin gözəl, rəvan və səlim təbləri var idi. Belə ki, Qazax şairlərindən məşhur Kazımağa Salik təxəllüs bunların haqqında deyibdir: Qazax içrə olub şairlər, amma Əsamı onların biintihadır. Biri Vaqif ki, məşhuri-xəlayiq, Gözəl mədhində məlumi-şumadır. Biri Xəstə Vidadi təbi mövzun Ki, bəhri-nəzmi-şeri cabəcadır. İlahi, ol iki məğmum pirin Günahı dərdinə səndən dəvadır. Vaqif ilə Vidadinin arasında artıq dostluq və məhəbbət və bəzi rəvayətə görə bir növ rəqabət dəxi varmış. Cavanlıq əyyamını bunlar bir yerdə keçirib eyş və səfa sürərlərmiş. Amma sonralardan tarixi-hicriyyənin 1172 sənəsində ki, tarixi-məsihiyyənin 1766-cı ilinə mütabiqdir, Gürcüstan padşahı İrakli şahın vaxtında ki, o vaxt Qazax və Şəmsəddinli dəxi Gürcüstana tabe imiş, Qazax mahalının vəkili Pənah Ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayətinə gediblər. Belə ki, Molla Pənah dəxi öz elindən hicrət eyləyən firqə ilə ki, ibarət ola Salahlıdan və özgə bir qövlə görə Ağstafanın yaxınlığında olan Həsənsudan Qarabağa səfər edib və Cavanşir mahalında Tərtərbasarda bir müddət sakin olub. Orada məaşi təng keçdiyinə görə köçüb İbrahim xanın paytaxtı olan Şuşa qalasına və miruri-əyyam ilə xani-mərhumun ən müqərriblərindən birisi olubdur. Amma Molla Vəli öz vətənində qalıb, dusti-həqiqisinin müfariqətində qəm və qüssə edərmiş. Bəzi rəvayətə görə, Molla Vəli dəxi öz əql və kamalı sayəsində nam və şöhrət qazanıb, o da İrakli xana Qazax mahalına dair ümuratın səlahını göstərmək üçün müdəbbir və məsləhətçi olubdur. Amma bu əhvalat təvarixdə nəzərimizə çatmadı və Gürcüstan təvarixinə bələd olan əhli-xibrədən bu barədə məlumat istəyib Molla Vəli Vidadidən bir söz-səda eşitmədik. Molla Vəli vaxtbavaxt dostu Vaqifə gözəl məktublar yazıb ondan əhval-pürsan olarmış və öz vilayətlərində vüquə gələn qəribə və şayani-diqqət əhvalatı riştəyi-nəzmə çəkib ona göndərərmiş. Vaqif dəxi Qarabağın əhval və övzaindən və başına gələn qəzavü qədərdən nəzm qılıb ona yollayırmış. Məsələn, Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şerləri inşa edib, Molla Vəliyə göndərmişdi: Ey Vidadi, gərdişi-dövrani-kəc rəftarə bax! Ruzgarə qıl tamaşa, karə bax, kirdarə bax! Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmi-adil padşahi-qadirü qəhharə bax! Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ, Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, Paymal oldu təpiklərdə səri-sərdarə bax! Qeyrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda, Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, Nə qıza, nə oğula, nə aşina, nə yarə bax! Bir çirağ ki, tamam İrana qiblə idi və cümlə xəlayiq onun itaətində böyük xof ilə kəmərbəstə durmuşdular hənuz sübh olmamış qəflətən söndü. Hamının qəlbindən xof-xətər getdi və hamı onun qətlindən sonra asudə və arxayın nəfəs aldılar. Məlum ola ki, haman gecə bu kəlamın sahibi dəxi Şuşa qələsində zindanda məhbus və həlakına müntəzir durmuşdu. Sübh açılanda şahi-zalim və birəhmin hökmünə görə gərək adamlar kəlləsindən minarə qurulaydı. Vaqifin başı haman dəhşətəngiz minarənin qülləsini müzəyyən edə idi. Çünki şair ilə səffak şahın qədimi kin və ədavəti var idi. Ağa Məhəmməd şahın bu niyyətinə şair özü kəlamında işarə eləyib deyir: Mən fəqirə əmr qılmışdı siyasət etməyə, Qurtaran məzlumu zalımdan o dəm qəffarə bax! Və lakin adilü qadirü qəhhar həqq-taala əhli-zülmü bir ləhzədə bərbad elədi və taci-zərdən dimaği-pür-qüruru ayırıb təpiklər altına saldı. Heyfa ki, Vidadi əleyhürrəhmənin Vaqifə göndərdiyi məktublarının əksəri itib gedibdir və nə qədər biz səy və cüstcu etdiksə ki, onlardan bir parasını ələ gətirək, müyəssər olmadı. Təəccüb budur ki, mərhum Molla Vəli Vidadinin övladı ki, əlan hal həyatdadırlar və onlardan bəzisi elm və kamal sahibi hesab olunurlar, öz babalarının asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. Vidadinin kağızları ziyadə əhəmiyyətli və xoş məzmun olmağına Vaqifin qəzəlləri şəhadət verir. Məsələn, bir qəzəlində Molla Vəlidən ona vüsul olan kağızın barəsində belə yazır: QƏZƏL Vidadidən gələn kağız məni fərxəndəhal etdi. Bu halı gördü qəm, filhal məndən intiqal etdi. Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə, Əcəb yox kim, bu məktubu özünə pərü bal etdi. Ziyayi-şəms tək etdi, məni bədr eylədi, hala Əgərçi qəddimi dövrani-filmazi hilal etdi. Səvadi-namənin, ey dil, məgər zülmati-heyvandır Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi. Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın, Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi. Bu qəzəldən məlum olur ki, Vaqif onu ömrünün musinn çağında yazıbdır ki, o candan əziz olan dostunun fərağında xeyli cəfalar çəkib və dövrani-filmazi onun qəddini hilal edibdir. Vidadidən gələn kağız şairin könül quşuna pər və bal olub, onu uca məqamlarda seyr və gərdiş etməyə qalxızır. Və əgərçi zəmanənin şuriş, iğtişaş və inqilabı şairin qəddini əyib iki qat edib, hilalə döndəribdir və lakin dusti-əzizin məktubu ziyayi-şəms tək onu misali-bədri-münəvvər qılır və səvadi-namə zülmati-heyvan kimi onun ruhuna səfa və əbədi həyat və kamal bəxş eləyir…. Afərin bu dostluğa və mərhəba belə sədaqətə! Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı kəlama bərabərdir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluq nədən ibarət olmasını və onun vəzifə və təkliflərini bəyan edib, ümum nasə xitabən öz kəlamını inşa qılıbdır. Amma Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub, qədr və mənzələtini göstəribdir. Sədi əleyhürrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr və cavahirat səpibdir. Yaran bövəd ke, səbr konəd bər cəfayi-yar, Tərki-rizayi-xiş konəd bər rizayi-yar. Gər bər vücudi-aşiqi-sadeq nəhənd tiğ Binəd xətaye-xiş, nə binəd cəfayi-yar. Yar ər bərayi-nəfs giriftən təriq nist, Ma nəfse-xiştən bekoşim əz bərayi-yar. Mən rəh nəmibərəm məgər onca ke kuyi-dust, Mən sər nəminəhəm məgər onca ke payi-yar[1]. [1] Tərcüməsi: Yar odur ki, yarın cəfasına dözsün; Yarın məmnuniyyəti xatirinə öz məmnunluğundan əl çəksin. Əgər həqiqi aşiqin vücuduna qılınc çalsalar O öz xətasını görüb, yara cəfanı xəta görməz. Yar ancaq zövq almaq üçün deyil. Biz öz nəfsimizi yardan ötrü öldürdük. Mən dostun astanasından başqa bir yol tanımıram, Mən yarın ayağının qoyduğu yerdən başqa yerə başımı qoya bilmərəm. Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dostun yolunda onun xatirəsi və rizası üçün tərk edib ondan canını və malını əsirgəməyə və dostun adı çəkilən yerdə maldan və candan keçə. Heyfa ki, bizim bu vəsvəsəyi-şeytan və dəğdəğəyi insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib, dar günündə ona ümid bağlayasan və şikəstə xatirini onun yadilə şad və xürrəm edəsən. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. Belə dostluq həqiqi olmayıb, riyayi və saxta olmasına şübhə yoxdur və belə saxta və yalançı dostluqdan uzaq olmaq eyni-səlahdır. Çünki onun axırı yoxdur, onda məhəbbət paydar olmaz, necə ki, Vidadi deyibdir: Könül səbrü qərar etməz, Gedər yar olmayan yerdə. Məhəbbət paydar olmaz, Vəfadar olmayan yerdə. Vəfa qıl bir vəfadarə, Ulaşma hər biiqrarə, Mətain atma bazarə, Xridar olmayan yerdə. Yəni hər naəhl və nakəsə bel bağlama, sözünə bavər və əhdinə etibar etmə, dar gündə, zərurət məqamında baxırsan ki, səndən üz çevirir və ehtiyacı olmadıqda səni tanımaz. Ona görə mərd ətəyindən yapış, necə ki, Vidadi vəsiyyət edir: Söhbəti-nakəsü namərd həmin söhbət imiş, Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər. Yəni nakəs və namərdlərin söhbəti laf-kəzafdır və məhəbbətdən, sədaqətdən danışdıqları kəlam — boş və quru sözlərdir. Hərgiz onlara inanma. * * * Yakov Semyonoviç Qoqoebaşvili Bu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi. Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır. Bizə elə gəlir ki, gürcü ziyalılarından heç biri öz xalqının maarif və savadlanmasına mərhum Qoqebaşvili qədər kömək etməmişdir. Onun ana dilini öyrənmək üçün tərtib etdiyi dərsliklər və çoxlu bədii əsərləri həqiqətən işığa doğru bir pəncərə açmış və etiraf etmək lazımdır ki, onu bu mənada gürcü Kirilli və yaxud Mefodiyi adlandırmaq olar. Mərhum Qoqebaşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sıra ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçalar yazmışdır. O, uşaqların danışdığı və sadə xalqın yaxşı anladığı öz ana dilinin bütün incəliklərini və ruhunu çox gözəl bilirdi. Onun "Dedaena" ("Ana dili") və "Bunebis qari" ("Təbiətin qapısı") kitabları bu sadə, lakin canlı və gözəl dildə yazılmışdır. Bu cəhətdən Yakov Semyonoviç rus xalqı və rus məktəbləri üçün əvəzedilməz "Rodnoe slovo" (ana dili) yazmış ölməz və dahi Uşinskinin pərəstişkarı və təqlidçisidir. Qoqebaşvilinin yuxarıda adlarını çəkdiyimiz kitablarının yerli əhali arasında belə görünməz halda on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu dərsliklər uşaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə təqlid etməyə diqqətəlayiq nümunə ola bilər. Y. S. Qoqebaşvilinin ölümü onun simasında gözəl oğullarından birini itirən gürcü xalqı üçün əvəzedilməz bir itkidir. Lakin mərhum Yakov Semyonoviç üçün təkcə gürcü xalqı ağlamır. Bu itki üçün onu səmimi qəlbli nadir bir insan, qocaman müəllim və təcrübəli xalq tərbiyəçisi kimi qiymətləndirən başqa qonşu xalqların ziyalı nümayəndələri də kədərlənirlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/kocerli-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.