Gəraylılar Məhəmməd bəy Aşiq (1800–1861) Ayrı Niyə məni dərdi-hicran, Öldürür ol yardan ayrı. Qan tökmə mərdumi çeşmim, Çeşmi-xunxarıdan ayrı. Nazilə sallanar o mah, Yaxıb canım, alır nagah, Getmənəm behiştə billah, O xoş göftarından ayrı. Kəsilibdi ahu-naləm, Firqətindən yaman haləm, Əndəlibi-nitqi laləm, Güli-ruxsarından ayrı. Qəmindən əl üzə bilmən, Bir gün onsuz dözə bilmən, Tutmuşam xu, gəzə bilmən, Naleyi-zarıdan ayrı. Öləndə Aşiqi-şeyda, Gəlib ustə edin qovğa, Desinlər heyf, səd heyfa, Getdi dildarından ayrı. * * * Ayrılmış Mərdümi-çeşmin qan ağlar, Xali-hindudan ayrılmış. Sızıldar mürği-dil daim, Zülfi-xoşbudan ayrılmış. Qoynunda bağü bostanın, Barvəridir gülüstanın, Sanasan iki püstanın, Şaxı-limudan ayrılmış. Qayıdıb baxmağın hər yan, Görən kimi qalır heyran, Deyirlər yarəb bu ceyran, Hansı ahudan ayrılmış. Əgər tab etməz hicrana, Məzəmmət etməyin cana, Para-para olur şana, O tari-mudan ayrılmış. Qaşın şövqilə peyvəstə, Qaməti olub şikəst, Dirilməz Aşiqi-xəstə, Taği əbrudan ayrılmış. * * * Bu Beylə ki, bir könül olmaz, Acizü binəvadır bu. Eyləyib zülfündən məskən, Əcəb günü qaradır bu. Cəmiyyətü-dərdi aləm, Ətrafında görənlər həm, Sorsalar nədir? Deyərəm: Yardan gələn bəladır bu. Səri-kuyinin həmdəmi, Nə dərdi var, nə də qəmi, Istəməz gülli-aləmi, Özgə zövqü səfadır bu. Ağzını dərdimə dərman, Gərçi derlər, yoxdur güman, Müşkül oldu aman, aman, Bir dərdi-bidəvadır bu. Dərdində eyləsən şivən, Desə kimdir o məh, bilmən, Bir deyin allahı sevən, Aşiqi-binəvadır bu. * * * Gözlərin Ləbin can versə üşşaqə, Yenə tez alı gözlərin. Bir gəz baxmaz xəstəsinə, Nəzərdən salı gözlərin. Çəkmiş üzə tiqi-əbru, Durmuş xəttü xali-hindu, Dil qəsdinə müdam keysu, Qurmuş bəlalı gözlərin. Yüz tərəfdən olsa kömək, Mümkün olmaz tab eyləmək, Qayıdıb yorğun maral tək, Baxanda dalı gözlərin. Hər yan səfi-mügganıdır, Aləm onun heyranıdır, Guya Xütən ceyranıdır, Ya Çin qəzalı gözlərin. Gənci-hüsnün pasibanı, Gəc nigahı alır canı, Aşiqin dini, imanı, Həm mülkə, malı gözlərin. * * * Gəldim Firqətindən ey dilbəra, Təngə yetib, cana gəldim. Sənsiz bu xəstə könlümün, Əlindən amana gəldim. Məni bu dildəki nalə, Saldı bir özgə xəyalə, Getmə, yetmədim vüsalə, Yenə yana-yana gəldim. Bir zaman kuyində qalsam, Qolumu boynuna salsam, Küfr zülfün ələ alsam, Elə bil imana gəldim. Hicrində qaldım avarə, Rəhm edən yox dili zarə, Sən özün elə bir çarə, Kim, sizin divana gəldim. Aşiq, yamandır zəmanə, Etibar olmaz xubanə, Qoymuşam mərdü mərdanə, Bu başı meydana, gəldim. * * * Mən Ey gül, rəhmin kəsmə məndən, Valehü heyranınam mən. Bir zaman qovma kuyindən, Bülbülü xoşxanınam mən, Açma zülfi-çəlipanı, Dağıtma dili-şeydanı, Vur canə növki-peykanı, Qabili-ehsanam mən. Müşgül iş dərdi-firqətdi, Tut əlimdən mürüvvətdi, Nə desən cana minnətdi, Bəndeyi-fərmanınam mən. Dərdin Aşiqə dərmandı, Zəhər versən nuşi-candı, Tez öldür, qoyma amandı Kim, sənin qurbanınam mən. * * * Qadasın aldığım Aşiqinəm sənin axı, Əzəl qadasın aldığım. Cana vurub məhəbbətin, Çəngəl, qadasın aldığım. Can çıxır, könül neyləsin, Dərdini kimə söyləsin, İstər sədaqət eyləsin, Tez gəl, qadasın aldığım. Salma könlün iztiraba, Zülfün içrə picü taba, Sataşma xanəxəraba, Dincəl, qadasın aldığım. Seyrəqibdən iba qıllam, Kuyində görmüşəm, ölləm, Rəşkdən sayəni billəm, En gəl, qadasın aldığım. Qulum deyib ey şahzada, Salmadın Aşiqi yada, Olurmu sən tək dünyada, Gözəl, qadasın aldığım!? * * * Tutmuş Kənar-ləbində daneyi-xaləm, Cayi-zövqü səfa tutmuş. Hinduyi-məstdir guya, Mülki-abi-bəqa tutmuş. Kəman əbrusi şəstində, Növki-müjganı dəstində. Görən der: çeşmi-məstində, Sanasan ox və yay tutmuş. Bax piçi-zülfi tarinə, Salmış o gül rüxsarinə, Guya könül ehzarinə, Nəldir kim, oda tutmuş. Dərində gəzərəm hər su, Deməz hansı kədadır bu, Cəfacü imiş o bədxu Tərki-mehri-vəfa tutmuş. Aşiq əl çəkibdir candan, Dergilən xoşdu canandan, Vəhm etməz yetər müjgandan, Məgər onu qəza tutmuş. * * * İstər Mənim divanəvəş könlüm, Bir zülfi-piçü tab istər. Öz əlilə aça hər şəb, Ay üzündən niqab istər. Səfhəsi abü tabından, Ayəyi-xətt hesabından, Məshəfi-hüsnü babından, Hər sənəm bir kitab istər. Hər gündə göydən Məsiha, Gəlir dərgahına imda, Möcüzi-ləbindən guya, Sual eylər, cavab istər. Könüllər hayü huyundan, Dil üzməm tari-muyundan, Hər səhər mahi-ruyindan, Pərtövin afitab istər. Aşiqi məstdir gözündən, Xəbəri yox öz-özündən, Baxdıqca doymaz üzündən, Zülfüni bihesab istər. * * * Əlindən Qan ağlar can quşu daim, Rəhmsiz səyyad əlindən. Öldürməz, eyləməz azad, Ha çəkər, fəryad əlindən. Sultani-eşqidir zalım, Yaman yerə yetib halım, Dil şəhri ilə xəyalım, Olubdu bərbad əlindən. Zülmündən ol sitəmkarın, Naləsindən dili-zarın, Bir neçə gün rüzigarın, Olmadım dildaş əlindən. Növgi müjganları səf-səf, Eşq əhlini qılmış hədəf, Atsa yayınmaz hər tərəf, Çıxmışlar ustad əlindən. Gözlərini Aşiqi-zar, Sevəndən bəridir bimar, Məni tari, öldür, qurtar, Ol iki cəllad əlindən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.