Qəzəllər Məhəmməd bəy Aşiq (1800–1861) Aşıq Pəriyə Verdimsə gər o şuxi-sitəmkarə könlümü, Bir gün də görmədim mən o biçarə könlümü. Bir rusivalıq ilə dolanırdı zülf ara, Yandırmasaydı çöhrə açıb narə könlümü. Peykani-eşqü tiri-qəzadən səvayi yox, Gər yüz tərəfdən əhli-cəfa yarə könlümü. Hər nişan urarsa növki-müjkan nuşi-can olur, Əğyar söhbətidir edən yarə könlümü. Bir üz verib əttareyi-mişkinə kim görən, Müşkil o damdan gələ qurtarə könlümü. Yüz dad edər fəraqda, min nalə vəsldə, Bu hali- eşq gör yetirib hara könlümü?! Kuyində eyki könlümü qurban eylədim, Təqsim qıl, hər itinə bir parə könlümü. Məndən alanda könlümü tapşırdı qəmzənə, Ey vay, verdi qatili-xunxarə könlümü. Zənciri-zülfi çinə çəkir, xali hinduyə, Çeşmilə xətti-Xəta ilə Tatarə könlümü. Kuyində itlərinlə gəzir hay-həva ilə, Əhdi-qərəz sanır yenə bikarə könlümü. Dil tellərinə bağlamışam gər inanmazsan, Tel-tel edib özün dəxi bir arə könlümü. Gərçi ləyaqəti yox idi nisyə qoymadın, Nəqd eylədim fəda nə isə parə könlümü. Biri nəharü həm biri şam olduğu üçün, Tapşırmışam o zülfilə rüxsarə könlümü. Zülfi-siyahi arizi-al üzrə salmağın Vəchi budur ki, ta sala ehzarə könlümü. Çəkmən qalınca rindi-xərabətlikdən əl, Vermən ölüncə zöhdi-riyakarə könlümü. Yüzinə vermənəm özün aqil bilənlərin, Xeyli-cünun ilə gəzən avarə könlümü. Qorxum məhəbəti-pünhanı faş edə, Ol tifli-şux göstərə əğyarə könlümü. Ol gün özüm qəmindən onun istəmişəm xilas, Kim vermişəm o şux dil azarə könlümü. Tarı o mu miyanına, barik ağzına, Müştaq edib özü yox, adı varə könlümü. Ləli-ləbin fəraqı, ruxi-alın həsrəti, Qan etdi bağrımı, salıb odlarə könlümü. Hər zalımın əlinə düşə, rəhm edər mənə, Vermə, amandı, türrəyi-tərrarə könlümü. Əbruvü zülfi qəmzən olub yaği Aşiqə, Mənəm həm dübarə, vermənəm onlarə könlümü. * * * Aldım qələmi namə yazam, yarə könüldən Aldım qələmi namə yazam, yarə könüldən, Ya rəb, ola bir məhrəmi aparə könüldən. Ol qönçə dəhən dilbərə yetkəc dil uzadıb, Bülbül kimi hər dəm gələ göftarə könüldən. Tez-tez qoyub ol sərvi-qədin payinə başın, Tabus qılıb icz ilə yəlvarə könüldən. Əvvəl alıb nitqi-Məsihadən icazət, Axır edə hər ərzimi sərdarə könüldən. Xunbarlığın dideyi-giryanımı bir-bir, Təqrir edə ol gözləri xunxarə könüldən. Pərvanə sifət düşdügümü vadiyi-hicrə, Hərlə ləhzə deyə atəşi rüxsarə könüldən. Naçarlığım ərzi edə ol şahi-cəhanə, Rəhm eyləyibən bəlkə edə çarə könüldən. Keyfiyyəti-əhvalı və həm qisseyi-hicri, Ərz eyləyə, bilgi verə dildarə könüldən. Aşiq, qəmi-hicranı yazıb eyləydim irsal, Ol zülfi siyahə bu üzü qarə könüldən. * * * Cahanda görmədim bir gün səvayi binəvalıqdan Cahanda görmədim bir gün səvayi binəvalıqdan, Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan. Bu viranda budur adət ki, hər kim əhli-hal olsa, Salır yüz piçü tabə, el götürməz bəd ədalıqdan. Işi dərdü bəla çəkmək təmənnası əbəs xəlqin, Nə qulluxdan olur xeyri, nə bir nəfi ağalıqdan. Aça hər kim sədaqətlə məhəbbət bağının babın, Cəfa qeyri bar görməz nihali-aşinalıqdan. Bu beş gün ömrdən ötrü bu nə bihudə qovqadır, Nədir məqsəd sana bilməm, bu günə bədxudalıqdan. Böyük ağır olur həsimal tək gər olsa malik çox Təsəvvür eyləsən yekdir kədalıq padşahlıqdan. Cəlalü cəhdən ötrü, gözüm, cırmaşa məxluqə Dilərsən izzətü rüfət həmişə istə xaliqdən. * * * Mirzə Həsən Vəzirova Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz, Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz. Deyildim layiqi-bəzmi-vüsal, ey məh, hüzurunda, Bu gündən böylə əğyar eyləsin söhbət, xudahafiz. Səri-kuyində naləmdən rəqibim canə yetmişdi, Gəzər rahət, vəli çəkməz dəxi zəhmət, xudahafiz. Qiyamət olmasa çəkməzdim əl canan vüsalından, Məni məhrum edən əğyarə yüz lənət, xudahafiz. Qaçan zar ağlasam, ya eyləsəm yadi-vətən sənsiz, Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz. Gərək tərki-diyar etmək bu dəm, ey rəhmsiz, guya Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz. * * * Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var, Dili-zarımda mənim qanlı ciyərparəsi var. Dili-əşkimi mənim salma nəzərdən, ey göz, Dut giranmayə onun səbəyi-səyyarəsi var. Yar xalına baxan gözdə qaradan qalmaz, Demə aşiq ona kim, gözlərin qarəsi var. Dami-təxsirə salır hər yetən azadələri, Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var. Sanma bikarə məni şahi-hünərməndanəm, Yığılıb başıma dəhrin nəki avarəsi var. Rəngi zərdim yox əcəb əşk ilə gülgünə dönüb, Cigərimdə acı müjkan oxunun yarəsi var. Küfrü zülfün sevəli kamil olub iymanım, Gərçi bu rəmzlərin şerdə kəffarəsi var. Bağlanmış silsileyi-kakilə könlüm möhkəm, Mən kimi yüz min onun Aşiqi-biçarəsi var. * * * O qara tellərinə oğru deyim, ya rəhzən O qara tellərinə oğru deyim, ya rəhzən, Ya könlüm məmləkətin qarət edib badə verən. O münəvvər yüzini gördü məgər ay ilə gün, Düşdülər dağa-daşa oldular avarə gəzən. O gözü qaşın olub qətlim üçün amadə, Biri şəmşir çəkib, biri yayə düzən. O xəttü xali-siyahın məxi-rüxsari Ləşkəri-hindü həbəş türkə tapıb el deyəsən. O qədü qamətə bax, gör nə qiyamət eylər, Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən. O hənalı əlinə, nola, mübarək deyələr, O ki şirin dilinə şəhdü şəkkərdir deyilən Ağzına qönçə deyən kəslərin ağzın yummasan, Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən Şikəni-zülfdə dil naləsi keçdi həddən, O qara gündən onu qurtarın, allahı sevən. Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir, Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən. * * * Talıb bəy Vəzirova Ayırdın mənə, Talib, ki, əzən xub oldun, Nəzəri-mərhəmətü lütfilə mərğub oldun. Dərgəhi-alidə bir mərtəbəyə irdi işin, Günbəgün düşməninə fəxr ilə sərkub oldun. Az qalırdı edəsən zor ilə bəylərbəyilik, O qədər kim sən uca qədr ilə mənsub oldun. Sonra bilmən, nə xəta eylədin, əya, mən tək, Düşdün əltafi-nəzərdən belə məyub oldun. Olma Molla Səfi tək aldan hörülüdən ipək, Ya edən Səfiqulu buğdasın məğsub oldun. Ya da Cəbrailə verib pulunu cəbrailli, Alıban o dədən Həsən bəy kimi mərtub oldun. Ya gedib Talibi-Feyzullah olub fəxr etdin. Tutdun həqq canibini haböylə məğzub oldun. Ya yüzindən qaçıb hər yerdə sənin Nurəli O qədər dəftər açıb sahibi məktub oldun. De görüb bəxt yenə sonra necə etdi mədəd, Xadimi-hazirənin silkinə mənsub oldun. Heç Talib belə mətlubinə irməz, şükr et, Əvvəli talib edən, axırı mətlub oldun. * * * Yenə asudə ikən uğradım bir şux zibayə Yenə asudə ikən uğradım bir şux zibayə, Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə. Xəti sərkəş, xalı dilgəş, ruxi məhvəş, ləbi canbəxş, Beli incə, teli afət, qəddi sərvi-dilarəyə. Dişi gövhər, dili şəkkər, turunc ğənəbi pürbər, Pəri tələt, mələk siyrət, müjə ox, qaşları yayə. Üzü sahir, özü zahir, gözü can almağa mahir, Görən bir baxışın verməz onun dünyavü üqbayə. Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür, Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə. Baxanlar qamətindən rəmz anlarlar qiyamətdən, Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə. Yer üzündə durmadı, getdi, səmavatı məqam etdi, Ləbi ecaz rəsmin göstərən dəmdə Məsihayə. Belə məhbubi-bihəmtayə can nəqdin nisar etsəm, Qəribə pürbəhayə sərfdir ömri-girənmayə. Ləbi kövsər, dili şəkkər, üzi gülbərg tərdən tər, Xəti hindu, gözü cadu, salıb yüz şur dünyayə. Götürsə gün camalından bulud kimi qəra zülfün, Sərasimə Züleyxa tək çıxar Yusif tamaşayə. Dodağilə yanağın küfrdür, vallahi, bənzətmək Ləbin ecazi-Isayə, yədin bəyzai-Musayə. Qiyam eylər qiyamət qaməti-mövzuni baş çəksə. Niqab açsa, verir xiclət üzü cənətdə hurayə. Dodağından sorardım ağzının mən var-yox sirrin, Bu nazik nüktəni sorma, düşər qan—dedi—ortayə. Eşitməz naləmi, ol səngdil şuxə gücüm çatmaz, Qənaət eylərəm mən də sənin tək ahilə vayə. Mənim vardır yenə vasia vüsalə olmaq ümmidim, Yetərsənmi səni də, bilməm axir bu təmənnayə? Məni-kəmtər gədayə qıl nəzər, ey padşahi-hüsn, Həmişə iltifat etmək gəlir axir bu ədnayə. Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın, Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.