Qoşmalar Məhəmməd bəy Aşiq (1800–1861) Aşıq Pəriyə Aşıq Pəri, bir göftügu eşitdim, Namizəd olmusan bir şux oğlana. Əgər doğru isə gözümüz aydın, Barı gəlməyəydin çeşmi-yamana. Əhli-haldan yəqin kəsmisən ülfət, Nadan ilə tutdun rəsmi-məhəbbət, Sifariş qıl mana ey bimürüvvət, Deyən varmı görüm bu sözü xana. Hər kəs ki yolunda çəkdi çox cəfa, Bir gün vüsalından görmədi səfa, Nə dilin var ey Pəriyi-bivəfa, Fərhadi-şirinər, Məlik Aslana. Qəzanın işini əgər bilirdi, Əl çəkib dünyadan çətin ölürdü. Sıçrayıb qəbirdən dişrə gəlirdi, Yetsəydi bu xəbər ol Mirzəcana. Aşiq seyr eylədi, gəzdi cahanı, Görmədi sən təki bir bivəfanı, Qoynun içindəki bağü bostanı, Nə hasil tapşırdın naşı bağbana. * * * Ola Təxəllüs nə lazım, ey Aşıq Pəri, Bir kəs ki, mehrdən xəbərdar ola? Könüldən könülə yollar görünür, Əlavə, nə hacət, aşikar ola? Xoş yaradıb səni ustadi-əzəl, Hüsnü vəcahətdə yekta, bibədəl, Dızaq mahalında sənin tək gözəl-- Həqdən istəmişəm bərqərar ola. Əhli-halı görmək istər əhli-hal, Müzayiqə etmə, gər olsa macal. Sənin tək dərdmənd olmayan mahal, Görüm ki, dağılıb tarümar ola. Belə işin nə ləzzəti, nə dadı, Xublar bilə görək aşnanı-yadı, Çəkəsən ağuşa bala Fərhadı, Şirin didarına intizar ola. Ağlını cəm eylə, olma sərsəri, Səndə yoxdur eşqbazlıq əsəri, Fəhmü fərasətdə yüz sən tək Pəri Gərəkdir Məmmədə xidmətkar ola. * * * Cəfərqulu xan Nəvaya Başın üçün, sizin bazi-ənami On beş gündə alıb iki şikari, Birisi yüz ovla üç qanad uçmuş, Birisi bir yelpək kəbki-yəsari. Olmaz belə şəfqət, belə mərhəmət, Canü dildən gərək ha çəkək minnət, Sərkari-alidə tapıb tərbiyət, Onunçün bu qədər çoxdu vüqarı. Səhər gəmişərəm, axşam tutaram, Vaxt olur ki, meşələrdə yataram, Börkümü götürüb önnük ataram. Yad elərəm tez-tez pərvərdigarı. Belə xana nüzul olmaz, belə qəm, Çarə olmaz buna, neyləsə aləm. Uçmadığı, almadığı cəhənnəm, Çağıranda ələ gələydi barı. Gərəkdir götürüb dərəbədərə Gəmişəydi bunu Tatvos, Mərkərə, Nə rəvadır mənim kimi çakərə Bəxş edəsən belə tənbəl murdarı. * * * Ey Pəri, dəhrdə yox sən kimi bir cananə Ey Pəri, dəhrdə yox sən kimi bir cananə, Tən edir mehri-rüxün göydə məhi-tabanə, Gərçi bihədd görürəm lütfünü hər insanə, Piri-bifaidədir uyma Məlik Aslanə, Ol gələn yar genə mən təki biroğlanə. Çün sənin qədrini Fərhad ilə Şirin bilməz, Mirzəcan bilsə də yüzdən o da birin bilməz. Mirzə Məmməd dəxi o fəthə və zirin bilməz, Kim ki, məşuq ola öz zülfi-əsirin bilməz. Rəng ilən salmagilən sən buları böhtanə. Mən sənə hər nə deysəm mehrü məhəbbət sözüdür, Sən mana yazdığın əfsanəvü möhnət sözüdür, Gər desəm həmdəm olaq bil ki, müvəddət sözüdür, Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür, Tövsəki-əqlini fikr ilə gətir cövlanə. Sən təki şux münasibdi ki, məstanə gələ, Əldə sazü məzəvü sağərü peymanə gələ, Aşiqi-məst görüb din ilə imanə gələ, Kim gərək doqquz ola başı meydanə gələ, Özünə qurrələnib girmə bizim meydanə. Sana şiyəstə odur, kim tapasan əhli-vəfa, Cani-dildən edəsən eşq təriqini rəfa Olasan yar ona, etməyəsən cövrü cəfa, Dövri-fanidə sürüb bir neçə gün səfa, Əhli-haldan özünü tutmayasan biganə. Qəmzən əyyardır, ey şux, cahan bilməzsən, Ləblərin tökdüyü nahəq yerə qan bilməzsən, Öldürürsən məni, heç ahü aman bilməzsən, Məsti-çeşmin sənin ey afəti-can bilməzsən, Nə zamandır ki, edib könlüm evin viranə. Ey gözəl, mehrin ilə mən olalı pabəstə, Hicrdən daim olub can ilə könlüm xəstə, Nə yazım mən, nə deyim sən təki bir sərməstə, Zülf zəncirini göstərmə mana peyvəstə, İstəmə kim edəsən Aşiqini divanə. * * * Gəzir Bilirsənmi, könlüm, yar səndən ayrı, Necə miskin-miskin, natəvan gəzir. Düşüb səhralara şeydalar kimi, Sübhü şam bilməz, hər zaman gəzir, Bir dilbəri-əla, çeşmi məstanə, Qüssəsindən könül oldu viranə, Bilmirəm ki, neynəmişəm cananə, Hər görəndə məndən belə yan gəzir. Bu dili-divanə, ey şuxi-ali, Canü dildən sevib ol xəttü xali, Kakili mişkinə aşiq olali, Başın üçün daim sərkərdan gəzir. Firqətindən qara bağrım olub su, Alıbdır qərarım o zülfü keysu, Mən ölmüşəm löli-ləbindən ayru, Deyirlər ki, cismində bəs can gəzir. Genə Aşiq unudubdur hər karı, Sevibdir bir şuxi, çeşmi-xunxarı, Ol yanağı mahi, lalə rüxsarı, Necə qıyır, zülfi-pərişan gəzir. * * * Olmuş Ey bivəfa, qədir bilməz dilbərim, Şikayətim səndən bir kitab olmuş. Yaza bilməz onu xameyi-qüdrət Çünki həddən keçmiş bihesab olmuş. Saraldım həsrəti-ali-ruyindən, Tapmadım bir rəmz hali-ruyindən. Dərdimə ol şirin göftguyindən, Nə bir sual olmuş, nə cavab olmuş. Müjgan oxun canda o sipər kimi, Dərin əzizimdir simü zər kimi, Dil dəfinə daim əfilər kimi, Türreyi-tərrarın piçü tab olmuş. Qızıl gül həsrətdir o al ruyuna, Sərvi-səhi qat olubdur buyuna, Hər gündə üz düşər xaki-güyuna, Kəmtərin qulamın afitab olmuş. Əsiri-zülfə olmuş divanə könlüm, Olubdur Aşiqdən biganə könlüm, Dağılmış dünyada viranə könlüm, Bir gün şad olmadı ol xarab olmuş. * * * Pəri Ustadi-əzəldən dərsim almışam, Mayiləm hər yerdə qovğaya, Pəri! Ziddü cinsü rədif sözün danışma, Mən desəm düşərsmən ah-vayə, Pəri! Əlindəki badə olsun, saz olsun, Hərəkətin işvə olsun, naz olsun, Yekə yerdən danışmağın az olsun, Düşərsən bir dərin dəryayə, Pəri! Müəşşərin hər bəndinə naçarsan, Mən açmaram, yenə özün açarsan, Bu işindən yəqinimdi qaçarsan, Axırda məlikə, Mirzayə, Pəri! Qafiyə gərəkdi ola dilməsənd, Nəki belə məğşuş ola, dərdimənd! Bilmirəm ki, sənə eyləyim rişxənd, Yoxsa onu yazan mollaya, Pəri! Ləblərinin müsəffası Aşiqi, Dəhanının müəmması Aşiqi, Siyəh zülfün təmənnası Aşiqi, Salıbdı bir uzun sevdayə, Pəri! * * * Qasım Mat qalmışam bu dövranın işinə, Heyranam vallahı, billahı, Qasım! Gah saz ilə nasaz, nasaz ilə saz, Gah olur naəhlin həmrahı, Qasım! Gah görürsən birin sərəfraz eylər, Gah birilə çəm-xəm qılar, naz eylər, Gah birin götürüb biniyaz eylər, Yoluna gətirər kəmrahı, Qasım! Görürsən ki, gahi acı tox eylər, Məhvəşlər zülfü tək azı çox eylər, Bir ağız ucuya varı yox eylər, Yoluna gətirər gəmrahı, Qasım! Neylərik biz onu çox axtarmağı, Çünki varıq beş on günün qonağı, Gəl oturaq, duraq bu bahar çağı, Qüdrətə eyləyək nigahı, Qasım! Aşiqi zar etmiş bir ənbərgeysu, Salıbdı canına bir qara qayğu, Yandırır, öldürür bir gözü cadu, Heç bilməz ki, nədi günahı, Qasım! * * * Sevdiyim Sizin yerdə nə adətdi Fərhada, Böhtan deyən aşinayə, sevdiyim. Qonaq ilə ev sahibin tanımaz, Oxuyasan yüz min ayə, sevdiyim. Dizaq mahalının Fərhadı olub, Xosrovu Şirinin fəsadı olub, Hiylə bazarının ustadı olub, Nə deyərsən bu sevdaya, sevdiyim. Aşığınam canü dildən, ey Pəri! Dərdi-fərağından oldum sərsəri, Eşq əhlinin yarı, nazlı dilbəri, Şikayət verən gün, ayə, sevdiyim. Bilməzsən ki, ey məhbubi kamilə, Nəsihət etməzsən neçin cahilə, Belə iş yaraşmaz hərgiz aqilə, Qulaq asma hər ədnayə, sevdiyim. Özün bir dərd əhli, bir qədirbilən, Danışıban deyən, oynayıb gülən, Aşiqin kuyuna durmayıb gələn, Dərdindən düşmüşəm payə, sevdiyim. * * * Sevmişəm Təzədən bir işə düşmüşəm genə, Ala gözlü bir şux gəlin sevmişəm. Mina gərdənini, tər sinəsini, Rəna qəddin, qulac qolun sevmişəm. Qədri-qiymət bilən bir əsilzadə, Namü nişanını demənəm yada, Sərasər əndamı oxşar şümşadə, Nazik ayağların, əlin sevmişəm. Bəyənmişəm onun məcmui-karın, Şəvqində var idim bir belə yarın, Xoş ədasın, xoş rəftarü göftarın, Danışında şirin dilin sevmişəm. Görməmişəm belə zülfü dəhən tək, Yüz min əsiri var, əlbəttə, mən tək, Gülüstanə düşmüş zağü zəğən tək, Ay qabaqda siyəh telin sevmişəm. Müşkin kakilinin sərkəştəsiyəm. Kövki-müjkanının dil xəstəsiyəm. Aşiqəm, zülfünün pabəstəsiyəm, Üzün, saçın, incə belin sevmişəm. * * * Sənsən Səni tarı məndən olma mükəddər, Incitmə, bu dili-virani sənsən. Neylərəm dünyanı, əzizim, sənsiz, Bilirəm dərdimin dərmanı sənsən. Gözəldir camalın, hüsnündür cəmil, Ölmədim hicrində, qalmışam xəcil, Başınçün, ey gül, dolansa yüz il, Könlümün mülkünün sultanı sənsən. Vamiqin Əzrayə var idi meyli, Onunçün axardı gözündən seyli, Yusifin Züleyxa, Məcnunun Leyli, Mənim də canımın cananı sənsən. Hər nə ki ərz etdim ona yetmədim, Şad eyləyib bizi gəlib getmədin. Könlüm alıb bir yol qəbul etmədin, Bu qədər ki, çəkdim imanı sənsən. O gizli baxışın alıbdır canı, Cadu qəmzələrin verməz imanı. Tarı hifz eyləsin növki-müjganı, Aşiqin qatili-pünhanı sənsən. * * * Olubdur Səndən ayrı işim mənim, ey dilbər, Gecə-gündüz ahü fəqan olubdur. Təğafül rəhmindən zülmü sitəmi Bizim barəmizdə ehsan olubdur. Ləhzə-ləhzə halın sorduğun könlüm, Gündə min nəsihət verdiyin könlüm. Daim şadü xürrəm gördüyün könlüm, İndi dərd əlindən viran olubdur. Nə istərsən, zalım, mən binəvadan, Bir gün əl çəkməzsən cövrü cəfadan. Sanma indi, bil ki, qalü bəladan, Gözlərim hüsnünə heyran olubdur. Haçan almamışdın əqlimi sərdən Oxudum mədhi-hüsnünə əzbərdən. O gündən ki, saldın gözdən,nəzərdən, Mənim halım çox-çox yaman olubdur. Heç yada salmasan mən dilfikarı, Səni nə bimürvət yaradıb tarı, Dəhanın şövqündən Aşiqi zarı, Öldürən bir daği-pünhan olubdur. * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.