Təcnislər Məhəmməd bəy Aşiq (1800–1861) Nə müddətdi həsrətini çəkirəm, Bircə üzün görüm ay ağa Sənəm! Hicranın əlindən xəstə düşmüşəm, Daha dura bilməm ayağa, Sənəm! Cavan ömrüm necə verdin bada gör, Firqətindən nə xətt, qəddim bada gör, Ləlin ilə bəhs eləmiş bada gör, Onunçün tez düşər ayağa, Sənəm! Cadu gözlü, oxşar üzün səhr aya, Xalu-xəttü-zülfü-ruyin, səhr aya, Yüz naz ilə sən çıxanda səhraya, Gün gizlənir, olur ay ağa, Sənəm! Gör nələr xəlq edib tarı zülfündə, Görməyibdi eyni, tarı zülfündə, Mürği-dil bağlanıb tari-zülfündə, Qoymagilən düşsün a yağa, Sənəm! Aşiqəm hüsnünə ay aman, gözəl! Baxmaram zərrəcə aya mən, gözəl! Ləblərin şəhdindən ay əmən gözəl, Meyl eləməz qəndə, bal, yağa, Sənəm! * * * Kitabxana.az · https://kitabxana.az/collections/mehemmed-bey-asiq-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.