Anamın kitabı Cəlil Məmmədquluzadə (1869–1932) Anamın kitabı -Drama, dörd məclisdə** R ü s t ə m b ə y — Rus intelligenti libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk, nişastalanmış ağ qolları. Rus darülfünununda elm təhsil eləmiş və rus tərbiyəsi tərəfdarı. Hərəkəti ağır və təmkinli. Başı açıq, həmişə gözləri eynəkli (çeşmək). 40 yaşında. M i r z ə M ə h ə m m ə d ə l i — İran ürəfası libasında, yəni uca İran börkü, uzun İran arxalığı, üstündən qurşaq, arxalığın üstündən uzun İrani çuxa (geymə), gen şalvar, ağ corab. Başmaqlarını qapının ağzında çıxardıb yerdə diz üstə oturur. Həmişə əlində təsbeh və gözündə eynək. Acıqlı və gülməyən. İran tərbiyəsi tərəfdarı. 35 yaşında. S ə m ə d V a h i d — İstanbulda ədəbiyyat dərsi almış. Başında qırmızı fəs, əynində pidcak, jilet, ağ yaxalı köynək və qalstuk, gözlərində eynək. Təmkinli və sakit. Osmanlı tərbiyəsi tərəfdarı. 30 yaşında. G ü l b a h a r--surətdə gözəl. Ümumi müsəlman qızları libasında, başında çarqat. Müsəlmanca savadlı. Anasını nəhayət istəyən. 20 yaşında. Z i v ə r x a n ı m--Rus tərbiyəsi tapmış. Rus xanımları libasında. Boğazı və qolları açıq, müsəlmanca savadsız. Q ə n b ə r--Sifətdə göyçək. Əynində çərkəzi çuxa, belində qəmə və tapança. Əlində qamçı. A s l a n b ə y--hər cəhətdən Rüstəm bəyə oxşayır. M i r z ə B ə x ş ə l i--hər cəhətdən Mirzə Məhəmmədəliyə oxşayır. H ü s e y n Ş a h i d--hər cəhətdən Səməd Vahidə oxşayır. S e n z o r M i r z ə C ə f ə r b ə y--Rus çinovniki libasında. Gözlərində eynək. -M Ə C L İ S L Ə R İ N Ə H A L İ S İ** Z ə h r a b ə y i m--60 yaşında. R ü s t ə m b ə y--onun böyük oğlu, intelligent. 40 yaşında. M i r z ə M ə h ə m m ə d ə l i--onun ikinci oğlu, elmi-ilahi müəllimi və vaiz. 35 yaşında. S ə m ə d V a h i d--onun üçüncü oğlu, türk dili müəllimi (fəs qoyur) 30 yaşında. G ü l b a h a r--qızı, müsəlmanca oxumuş. 20 yaşında. Z i v ə r x a n ı m--Rüstəm bəyin övrəti, rusca tərbiyə tapmış. 25 yaşında. M i r z ə H ə s ə n--Rüstəm bəyin dilmancı. 30 yaşında. T e y m u r b ə y--Cəmiyyəti-xeyriyyənin dəftərdarı. 25 yaşında. M i r z ə Z e y n a l--millətpərəst. 30 yaşında. S ə l i m ə x a n ı m--müəllimə (danışmır). 25 yaşında. A s l a n b ə y--mal həkimi (rus intelligenti libasında). 30 yaşında. İ s m a y ı l a ğ a--cəmiyyəti-xeyriyyə üzvü (danışmır). 45 yaşında. M ü n ə v v ə r x a n ı m--onun qızı (danışmır). 20 yaşında. H ü s e y n Ş a h i d--türk dili müəllimi (fəsli). 30 yaşında. M i r z ə B ə x ş ə l i--elmi-ilahi müəllimi. 35 yaşında. Q ə n b ə r--Rüstəm bəyin sərkarı. 45 yaşında. Q u r b a n--çoban. 25 yaşında. Z a m a n--çoban. 25 yaşında. S e n z o r M i r z ə C ə f ə r b ə y--45 yaşında. P o l i s m ə m u r u (danışmır)--35 yaşında. İ k i n ə f ə r f ə r r a ş (danışmırlar)--30–35 yaşında. M ə ş ə d i C ə f ə r--ərizə sahibi, 40 yaşında. Y e n ə ü ç n ə f ə r f ə q i r--40–45 yaşında. B i r i n c i h a m b a l--30 yaşında. İ k i n c i h a m b a l--30 yaşında. Əhvalat vaqe olur tarixi-hicrnin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan şəhərlərinin birində, Rusiya hökuməti əsrində. * * * Birinci məclis -Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu--Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək R ü s t ə m b ə y öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Z ə h r a b ə y i m i n başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.* Z ə h r a b ə y i m. Bala, görəsən niyə uşaqlar yubandılar? R ü s t ə m b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram. -Z ə h r a b ə y i m dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. İçəri otaqda uşaq ağlayır. Rüstəm bəy qələm əlində tez durur ayağa və haman qapıya yavıqlaşıb deyir:* R ü s t ə m b ə y. Ay uşaq səs eləməyin, mən lüğət yazıram. (Rüstəm bəy qayıdıb oturur və yenə yazıb oxumağa cumur; yenə bir dəqiqə keçir, çöl qapını taqqıldadırlar). R ü s t ə m b ə y. Kimsən? Gir içəri. -Mirzə Həsən girir içəri.* M i r z ə H ə s ə n. Səlam əleyküm. R ü s t ə m b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın? M i r z ə H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim. R ü s t ə m b ə y. Əyləş. -Mirzə Həsən sandalyanı yazı stolunun yanına çəkib oturur, qələmi götürür, kağızları aralayır və yerini rahatlayandan sonra üzünü Rüstəm bəyə tutub yazmağa hazır olur.* R ü s t ə m b ə y. Dünən harda qaldıq? M i r z ə H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik. R ü s t ə m b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin? M i r z ə H ə s ə n. Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının …. R ü s t ə m b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin. M i r z ə H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik…. R ü s t ə m b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin…. M i r z ə H ə s ə n. Yunanların…. R ü s t ə m b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində "əlif" ləfzi. (Yenə qabaqkı kimi içəri otaqdan uşaq səsi gəlir.) R ü s t ə m b ə y. Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir…. M i r z ə H ə s ə n (yaza-yaza). Bəzisinin dilində…. R ü s t ə m b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir. -İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb, qoyur qulağına və belə danışır.* Z i v ə r x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Salam əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal…. (Dəstəyi qoyur yerinə). Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur? R ü s t ə m b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər? Z i v ə r x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib, yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Rüstəm bəy yenə kitaba baxa-baxa deyir). R ü s t ə m b ə y. Yaz, Mirzə, harada qaldıq? M i r z ə H ə s ə n. Bəli. Və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. R ü s t ə m b ə y (bir qədər fikir eləyir). Yaxşı, indi yaz: bunu da lazımdır nəzərə almaq ki, həmin "A" hərfi bəzi dillərdə qlasnı hərfidir…. M i r z ə H ə s ə n. İmla hərfidir. R ü s t ə m b ə y. İmla hərfidir və özü də özlüyündə sloqdur. M i r z ə H ə s ə n. Yəni "heca" demək istəyirsiniz? R ü s t ə m b ə y. Bəli, "heca" gərək ola və lakin bəzi tayfaların dilində həmin "A" hərfi soqlasnı hərfləri cərgəsindədir. M i r z ə H ə s ə n. Bunu "soqlasnı" əvəzinə "hürufi-samitə" yazaq. R ü s t ə m b ə y. Məsələn, necə ki, B, D, L və qeyriləri. -Çöl qapıdan M i r z ə M ə h ə m m ə d ə l i girir içəri, salam verib, başmaqlarını çıxardır və keçib oturur öz yerində.* M i r z ə M ə h ə m m ə d ə l i. Dadaş, sənə mane olmuram ki? R ü s t ə m b ə y. Əleykəssəlam, mane olmursan, keç otur. -Mirzə Məhəmmədəli oturur öz yerində dizi üstə və kitablarını açıb baxır.* R ü s t ə m b ə y. İndi keçək "almas" ləfzinə. Yaz, "almas", latınca "atamas", pür qiymət daşlar cərgəsində ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri. Mirzə Həsən yazır. M i r z ə M ə h ə m m ə d ə l i (başını qalxızıb, Rüstəm bəyə tərəf deyir). Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. Amma mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəindən əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə lüğətinizin dairəsini daraldırsınız. Mənə qalarsa haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, "almasdan bərk şey dünyada yoxdur" demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur. R ü s t ə m b ə y. Məhəmmədəli, mən heç vaxt o fikirdə olmamışam ki, lüğətimi Şərq aləmindən uzaq tutum; nəinki o fikirdə olmamışam hələ bəlkə özüm sənə demişəm ki, mənim yadımda və siyahımda olmayan ləfzləri mənim yadıma sal ki, kitabımız nə qədər mümkündür, e … e … e … e…. M i r z ə H ə s ə n. Təkmil olsun. R ü s t ə m b ə y. Təkmil olsun. İndi hər nə sözün var, de. M i r z ə M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Amma mənim əqidəmcə bu barədə bizə bir əmr buyurulubdur, o əmrdən kənara çıxmaq hər ayinə səzavar deyil. Necə ki, məlumdur və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir. Yəni ən əvvəli sonrakından boş və sonrakı qabaqkından bərk; ta gedir çıxır onuncuya ki, dəxi ondan bərk, ondan səxt bir şey dünyada yoxdur və ola bilməz. -İçəri qapıdan Z ə h r a b ə y i m görsənir.* R ü s t ə m b ə y v ə M i r z ə M ə h ə m m ə d ə l i (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq. -Zəhra bəyim yox olur.* M i r z ə M ə h ə m m ə d ə l i. Haman bərk şeylərin əvvəlincisi daşdır. R ü s t ə m b ə y. Yəni necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən? M i r z ə M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun. -Rüstəm bəy və Mirzə Həsən gülürlər.* M i r z ə M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var? R ü s t ə m b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmənik. Sonra? Daşdan sonra? M i r z ə M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur), aşkardır ki, dəmir daşı sındıracaq. -Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.* M i r z ə M ə h ə m m ə d ə l i. Hə … gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!… Afərin lüğət yazanlar! R ü s t ə m b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır? -Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qabağını kəsir.* R ü s t ə m b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. Allaha şükür, sən vaizsən, müəllimsən; sən baxma bizim gülməyimizə, sən sözünü de. Əgər bizə lazım olar, lüğətə də bir şey yazarıq, lazım olmaz,--olmaz. M i r z ə H ə s ə n. Mirzə Məhəmmədəli, mən səndən xahiş edirəm, hövsələ eləyəsiniz və bəyanatınızı başa yetirəsiniz. M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib, oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey odur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir. -Rüstəm bəy və Mirzə Həsən əllərini ağızlarına basıb gülürlər.* Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir). Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir). Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli). Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı … gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı … gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?… Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdə vaqe olur bəlayi-nagəhanlar, misli-vəlvəleyi-səqf-asimanlar, zəlzəleyi-səthi-xakidanlar, xüsuf-küsuf, yenə xüsuf, yenə küsuf, ma-təaqəbəl-mələvan! (Əllərini yuxarı qalxızır və cuşə gəlir). Siz gərək xəcalət çəkəsiniz, adınızı müsəlman qoyub islam elmlərinə istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (hirsli gedir qapıya tərəf). -Rustəm bəy və Mirzə Həsən dururlar ayağa və Mirzə Məhəmmədəlinin qabağını kəsib deyirlər.* R ü s t ə m b ə y və M i r z ə H ə s ə n. Dayan bir, dayan bir! -Çöl qapıdan S ə m ə d V a h i d girir içəri və qiylu-qalı görüb deyir.* S ə m ə d V a h i d. İştə irkaklar! Hayda arkadaşlar! M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!… -Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə.* -Zəhrabəyim qapıda görsənib, Mirzə Həsəndən utanır və çəkinir. Mirzə Həsən bunu anlayıb, Rüstəm bəydən izin alıb çıxır, gedir. Zəhra bəyim yavaşca içəri girir və qorxa-qorxa gəlir çökür bir tərəfdə. Rüstəm bəy öz yerinə oturub kitaba baxır. Mirzə Məhəmmədəli qapının ağzında dayanıb, bir istəyir çıxa, bir istəyir qala.* Z ə h r a b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var! M i r z ə M ə h ə m m ə d ə l i. Ana, sən allah sən də əl götür bizdən! Z ə h r a b ə y i m. Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, allaha şükür, yaxşı-yamanı bilənsən. Axır, o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin. M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz verin. R ü s t ə m b ə y (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək. M i r z ə M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm! R ü s t ə m b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək kimə verək? M i r z ə M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik. R ü s t ə m çb ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz il gözlətməyəcəyik ki? M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik. -Rüstəm bəy gülür.* S ə m ə d V a h i d. Necə Mirzə Bəxşəliyə? Müəllim Mirzə Bəxşəliyə? M i r z ə M ə h ə m m ə d ə l i. Bəli, haman Mirzə Bəxşəliyə. S ə m ə d V a h i d. Bən buna hərgiz razı olmam. M i r z ə Mə h ə m m ə d ə l i (təəccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən? S ə m ə d V a h i d. Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli. M i r z ə M ə h ə m m ə d ə l i (sağ əlini fırladır). Pəh-pəh-pəh, buna bax sən allah! Bu da bizə müştəri tapdı. Z ə h r a b ə y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəçidirlər? R ü s t ə m b ə y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi istəyir mal həkimi olsun. Z ə h r a b ə y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? Bir qulluğu varmı? S ə m ə d V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir. -Mirzə Məhəmmədəli başını bulayır.* M i r z ə M ə h ə m m ə d ə l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. Allah bəd nəzərdən saxlasın. (Hirsli). A kişi, mən bilmirəm ədib nədi, axır ey? R ü s t ə m b ə y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin. Onu siz gərək bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan və məsləhətnən aşar, dava-qalmaqalnan aşmaz. Genə də deyirəm ki, Gülbahar bizim bacımızdı, gərək biz üçümüz də səy, təlaş edək ki, bacımız bədbəxt olmasın. O axı heyvan deyil ki, yapışaq əlindən, kimə ki istəyirik--verək. Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özündən sual eləyək ki, görək meyli kimədi? Aslanbəyə istər, Aslanbəyə gedər, Mirzə Bəxşəliyə istər, Mirzə Bəxşəliyə gedər, Hüseyn Şairdi-nədi, onu istər, ona gedər. S ə m ə d V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm. R ü s t ə m b ə y (Mirzə Məhəmmədəliyə). Niyə dinmirsən, Məhəmmədəli? M i r z ə M ə h ə m m ə d ə l i. Özünüz bilin, mənim işim yoxdur. -Rüstəm bəy durur, qapıdan Gülbaharı çağırır. Gülbahar girir içəri.* Z ə h r a b ə y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə. R ü s t ə m b ə y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri Aslanbəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi…. İndi sən də fikirləş, allaha şükür, yekə qızsan, dəxi səni öyrətmək lazım deyil. Qəlbin kimə yapışır, ona da get; bizim heç sözümüz yoxdu. Aslan bəy mənim dostlarımdandı, özü də intelligentdi; bəlkə görmüş, ya eşitmiş olasan. Mirzə Bəxşəli və Hüseyn Şahid də müəllimdirlər, amma mən onlara yaxşı bələd deyiləm. Özün bil, fikirləş və cavab ver. -Gülbahar dinmir.* Z ə h r a b ə y i m (Gülbahara). Bala, niyə dinmirsən? G ü l b a h a r (Rüstəm bəyə). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız əbəsdir; çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyəcəksən; hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstümdə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yığışıb tamaşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola gedin. (Durub çıxır gedir). -Mirzə Məhəmmədəli gəlib oturur yerində.* R ü s t ə m b ə y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki, Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam gərək ki, cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığışalar. Aslan bəy--necə ki, üzv zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da istəyər, çıxar onlarnan tanış olar. M i r z ə M ə h ə m m ə d ə l i (sağ əlini oynadır). Bəli, istər, çıxar, onlarnan tanış olar…. R ü s t ə m b ə y. Nə eybi var, çıxmaz, qapının arasından baxar, hamısını görər. S ə m ə d V a h i d. İzdivaci-niyyət edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz, zənnindəyəm. M i r z ə M ə h ə m m ə d ə l i (hirsli, Səməd Vahidə). Allah xatirinə, öz dilində danış, peyğəmbər xatirinə, öz dilində danış! -Çöl qapı taqqıldayır.* R ü s t ə m b ə y. Kimsən? Gəl! -Daxil olur Teymurbəy, qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə ki, Teymurbəy görməsin.* T e y m u r b ə y. Səlam əleyküm. R ü s t ə m b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş. T e y m u r b ə y. Yaxşıdı, gedəcəyəm. -İçəri otaqdan Zivərxanım çıxır, Teymur bəyə əl verir.* Z i v ə r x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Temur bek! T e y m u r b ə y (Zivər xanımın əlini öpür). Zdrastvuyte, Zivar xanum! -Teymur bəy də Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib, verir Teymurbəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.* T e y m u r b ə y. Sabahkı zasedaniyanın povestkasında smeta məsələsi barəsində bir şey yazılmayıb; bir az biqaidə oldu. Ola bilər ki, yenə Əfruz xanım çığır-bağır sala. Z i v ə r x a n ı m. Pajalsta, sən qorxursan qorx, amma mən heç də qorxmuram. Onlar özləri tutduqları iş guya çox qaydalıdı ki, bizimkini də bəyənməyələr? Hələ, sən allah, o dünənki nə hərəkət idi, o nə çəmxəm idi? Vallah mən Əfruz xanımın yerinə xəcalət çəkirdim. T e y m u r b ə y (saatına baxıb deyir). Deyəsən yubanırıq ha!… Z i v ə r x a n ı m (durur ayağa). Rüstəm, bu gün cəmiyyəti-xeyriyyənin o qədər işi var ki, bilmirəm axşama kimi qurtara biləcəyəm, ya yox. Yaxşı olardı, sən də gedə idin, bizə kömək eləyəydin. R ü s t ə m b ə y. Eybi yoxdu, siz gedin, mən macal eləsəm, gələrəm. Harda olacaqsınız? T e y m u r b ə y. Qabaqca gərək teatra gedək, atçotun kopyasını alaq, sonra Markovun kağız mağazasına gedək, kağız seçək. R ü s t ə m b ə y. Ola bilər ki, mən də gələm. -Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır bunların dalınca. Q ə n b ə r, uzun çuxalı və belində xəncər, yanında çoban Q u r b a n, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.* R ü s t ə m b ə y. Qənbər, nə var, qoyunlar necədi? Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə). Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu. -Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.* Z ə h r a b ə y i m. Qənbər, niyə çoxdandı görünmürsən? Q ə n b ə r. Xanım bəyim, vallah macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb. R ü s t ə m b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə. Q ə n b ə r. Baş üstə, gələrəm. R ü s t ə m b ə y. Hə, yadıma düşdü, dəvə yunu tapşırmışdım, heç yerini eləyə bildin? Q ə n b ə r. Ağa, axtarıram. Dəxi bizə görə qulluq? R ü s t ə m b ə y. Gedə bilərsiniz. -Qənbər və çobanlar çıxırlar.* R ü s t ə m b ə y (gəlir anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de yazım. Z ə h r a b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim? M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi maşallah kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin). R ü s t ə m b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək. -Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.* Z ə h r a b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmədəli, bir dayan. Bala, bir dayan, bir getmə. -Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna.* Səməd Vahid yazıya məşğul olduqda, içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli. S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə. R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram. S ə m ə d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur): Ənzari-şəbabımda pədidar olan, ey zill! Ey zilli-tüluat, oluyorsun yenə peyda! R ü s t ə m b ə y ("eh" eləyib, çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam? S ə m ə d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust"dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki, bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir). -Rüstəm bəy təəccüblü baxır onun dalıyca.* Z ə h r a b ə y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan! -Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə.* (İndi də Z ə h r a b ə y i m bayazını buna tərəf tutub yalvarır). Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax. R ü s t ə m b ə y (acıqlı). Eh, ana, sən allah əl çək! (Rüstəm bəy də çıxıb gedir). -Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab. Bir qədər fikirdən sonra qayıdıb oturur yerində, kitabın bir səhifəsini açır və diqqət ilə baxır. Bir qədər baxandan sonra başlayır haman səhifəni öpməyə.* -P ə r d ə s a l ı n ı r.* * * * İkinci məclis -Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.* R ü s t a m b ə y. Qospoda, zasedanie obyavlyayu otkrıtım. M i r z ə Z e y n a l (durur ayağa və yumruğunu silkələyə-silkələyə, acıqlı). Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil. -Camaat çəpik çalır.* Z i v ə r x a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je takoe?! M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Haqq buyurur Mirzə Zeynal, islam məclisi hara, rus dili hara?! -Qalan üzvlərdən də bəzi deyir: "eybi yoxdur"; bəzi deyir: "olmaz".* R ü s t ə m b ə y. (zəngi çalır). Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın; çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi çarə nədi…. M i r z ə Z e y n a l. Xeyr, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir…. M i r z ə B ə x ş ə l i (Rüstəm bəyə). Bağışlayınız, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzv olmağa nə haqqı?! Z i v ə r x a n ı m. Qospoda, tak nelzya rassujdat, yey boqu. M i r z ə Z e y n a l (durur ayağa və ucadan.) Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin. -Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, camaat sakit olur.* R ü s t ə m b ə y (Teymur bəyə). Xub, Teymur bəy, povestkada yazılan voprosları oxu, camaat eşitsin. T e y m u r b ə y (papkadan bir kağız çıxardıb oxuyur). Əvvəlinci məsələ: il hesabı təsdiqi məsələsi; ikinci məsələ: məktəb proqramı barəsində; üçüncü məsələ: acların ərzi-halı barəsində; dördüncü məsələ: elmi-ilahi dərsləri barəsində,--bunlardır. R ü s t ə m b ə y (durur ayağa). Həzərat, il hesabı barəsində keçən zasedaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktlarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik. Məsələn, biz ki, deyirik bal qonaqlığından gələcəkdə bu qədər mədaxil olacaq, əlbəttə, bu mədaxil biz yazdığmızdan ya bir qədər əskik olacaq, ya artıq olacaq və məhz bu səbəbdən smetada rədd-bədəl əmələ gəlir ki, onu toçno düz götürmək mümkün deyil. Kimin bu barədə sözü var, buyursun. Aslan bəy danışacaq. A s l a n b ə y (durur ayağa). -Gülbahar diqqət ilə baxır.* Heç belə deyil; bağışlayasınız. Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq; amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik. -Camaatdan bir neçəsi gülür, bir neçəsi də çəpik çalır. Gülbahar neçə dəfə əsnəyir, bərk yuxusu gəlir; Mirzə Məhəmmədəli və Mirzə Bəxşəli başlarını bulayır.* R ü s t ə m b ə y (zəngi çalır). Dəxi bu barədə genə söz danışan varsa, desin. -Bir səs gəlmir.* Xub (kağızları aralayır). İkinci məsələ məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə reviziyonnaya komissiya…. M i r z ə Z e y n a l. Təftiş komissiyası. R ü s t ə m b ə y. Keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, guya proqramlara, neçə ki, lazımdır, diqqət olunmur və dərslər bir növ süst keçir və ikinci klasda…. M i r z ə B ə x ş ə l i. İkinci sinifdə. R ü s t ə m b ə y. İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətniləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzərdən salınıb. Keçən zasedaniyada müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət qoyuban, məsələni mümkün dərəcədə nəzəri-diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir. H ü s e y n Ş a h i d (durur ayağa). -Gülbahar qulaq verir.* Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə göyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetər! Hay və ya düşmənə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcək, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetər! -Gülbahar və adamların çoxu əsnəyir.* Əvət, çocuqlar, qadınlar, irkaklar, yenilər bu torpaqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötədəki binaların üstünə qadar salan bol kölgəli sokakların dibində gümləyən davulların səsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslərdə uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kəndi qılınclarımızın ərmağını xatırlatıyordu, əfəndim. Halbuki, əvət, bir takım ədəbiyyat ki, ikinci sinifdə təhsil olunmaqdadır…. İştə kələbəklər kimi qarlar düşüyor, Sanki bir nur eniyor hər fidana, Lakin əyləncə olurkən adana, Yavru çocuqlar üşüyor! Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli turk lisanı! -Səməd Vahid çəpik çalır. Qalan çamaatdan gülən də var və tək-tək çəpik çalan da var. Gülbahar mürgüləyir.* M ə k t ə b ş a g i r d i b a ş ı n d a f ə s: İştə kələbəklər kimi qarlar düşüyor, Sanki bir nur eniyor hər fidana, Lakin əyləncə olurkən adana, Yavru çocuqlar üşüyor! -Səməd Vahid və Hüseyn Şahid əllərini qoyurlar həmin şagirdin çiyninə. Camaatdan gülən də var, çəpik çalan da var.* Z ə h r a b ə y i m (Gülbahara). Qızım, bu adamlar nə danışırlar? -Gülbahar cavab vermir, çünki mürgüləyir.* M i r z ə M ə h ə m m ə d ə l i (hirsli, camaata). A balam, hələ bizi başa salın görək, niyə çəpik çalırsınız? R ü s t ə m b ə y (kağızları aralayır). Ağalar, qaldı iki məsələ: biri elmi-ilahi dərsləri barəsində, biri də acların ərizəsi. Elmi-ilahi barəsində uşaqların bir parasının ataları tərəfindən ərizə gəlib ki, məktəbin üçüncü sinfində müəllim cənabları--ki, ibarət olsun Mirzə Bəxşəli və mənim kiçik bəradərim Məhəmmədəlidən,--oktyabr ayında xüsuf və küsuf barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf və xüsuf dərsləri nəinki azalmır, hələ bəlkə altı ay da bundan sonra qurtarmayacaq…. M i r z ə B ə x ş ə l i. Xeyr, ağa, elə deyil, əfv buyurasınız. İndiki dərslər məhz xüsuf barəsindədir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dərsləri, bəli, həqdir, bir altı ay da küsuf dərsləri təhsil olunmalıdır. R ü s t ə m b ə y (Mirzə Bəxşəliyə, zəng çala-çala). Cənab, Mirzə, məni bağışlayasınız, xahiş edirəm sözümü qurtarmamış sözümü kəsməyəsiniz. Bəli, heç eybi yoxdur, danışmaq istəyirsiniz, izahat veriniz. Amma xahiş olunur bəyanatınızı müxtəsər söyləyəsiniz. M i r z ə B ə x ş ə l i (durur ayağa və əlində bir yekə, dəridən cildi, köhnə müsəlman kitabı); -Gülbahar diqqət ilə qulaq asır.* Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərsləri, heyət dərsləri və xülasətül-hesab dərsləri məktəb proqramlarında,--necə ki, şayistə və əlzəmdir,--arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığınız fünunun hansı birisinin dairəsində təhsil olunasıdır və fövqəzzikr fünun hansı müəllimin öhdəsində və təhti-cəvabdehliyindədir. Bəndəyə mühəvvəl olunan elmi-əqdəsi-ilahi dərsləri dövri-ibtidasından--necə ki, məlumdur,--bisti həştümi-rəbiüssani, yövmi-cəharşənbə, qütrün əsəblərinin iki dangı və şəmsin qürsünün tamam səhifəsinin dang yarımı rəs üqdəsinin həvalisində mütəkəssif olub, yəni bəistilahi-türk, gün tutulub və həmin küsuf gün çıxandan beş saat on üç dəqiqədə vaqe olub. Əzayi-əncümən həzrətlərinin hüzuri-mübarəklərinə ərz olsun ki, küsufun keyfiyyəti və onun övzaı küreyi-ərzin cəmi biladlarında müxtəlif surətdə zühr edibdir və məhz küsuf nəqşəsinin naziri-möhtərəmlərinin ittilaından ötəri, bəndeyi-həqir o fikirdə oldum ki, bir tərəfdən əsəri-pürsəməri-cənab fəxamətnisab, Mirzə Həsən xan Nəcmülmülk, əxəvizadeyi-cənab Hacı Nəcmüddövləni dəsturil-əməl mənziləsində tutub, digər tərəfdən heyət elmindən əxz və Şərq üləması tərəfindən təsdiq olunmuş kəvakibi-səyyarənin hərəkatının bəyanatından müstəfid olub, millət balalarına həmin ülumun fəvaidini ixtisar edibən növcavanların nəzəri-diqqətlərinə təbliğ edim. -Camaatdan və üzvlərdən çoxu mürgüləyir; Zəhra bəyim və Gülbahar da mürgüləyir.* M i r z ə B ə x ş ə l i (Mirzə Məhəmmədəliyə). Buyur, ağa, növbət sizindir. M i r z ə M ə h ə m m ə d ə l i (durur ayağa). Fəsli-nozdəhhüm dər bəyani-küsuf və xüsuf; yəni ayın və günün tutulmağı…. Z i v ə r x a n ı m (yavaşca Rüstəm bəyə). Nelzya li sokratit reçi oratorov? M i r z ə M ə h ə m m ə d ə l i. Əhval ki, kövkəblərə ariz ola, haman övzada ki, bir-birinə nisbətləri var, əz on cümlə haman əhvaldır ki, qəmər şəmsə ariz ola və bir surətdə ki, qəmər bir kəsif cinsdir və afitabdan kəsbi-nur eləyir və çün…. T e y m u r b ə y. Mənim qanacağıma görə, bu qədər təfsil verməyin lüzumu yoxdur. M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan). Necə yəni lüzumu yoxdu? -Camaatın içinə danışıq düşür; bir neçələri deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"* M ə k t ə b ş a g i r d i b a ş ı n d a p a p a q. Küsuf, yəni afitab giriftəgi on halət əst ki, qəmər miyani-afitab hail başəd və küsuf vaqe olanda həmin duanı oxuyurlar: bismillahir-rəhmanir-rəhim, rəbbəna atina fiddünya…. -Mirzə Bəxşəli, Mirzə Məhəmmədəli əllərini qoyurlar həmin şagirdin çiyninə.* R ü s t ə m b ə y. (zəngi çalır). Ağalar, əzayi-məclis xahiş edir ki, bəyanatı tamam edək və dəxi danışmağa ixtiyar verməyək. Kim buna razıdır, dursun ayağa. -Üzvlər təmamən durur ayağa, Mirzə Məhəmmədəli başını bulaya-bulaya gedir oturur yerində və bir neçə dəfə deyir: "necə lüzumu yoxdur?".* R ü s t ə m b ə y (zəngi çalır və bir kağız alır əlinə). Camaat, xahiş olunur acların ərizələrinə qulaq verəsiniz. Ərizə müsəlman cəmiyyəti-xeyriyyəsinə Məşədi Cəfər usta Mehdi oğlu tərəfindən. Ərizədə yazılıb ki, "mən qoca və şikəst adamam və on iki nəfər külfətim var, yomiyyə çörəyinə möhtacıq; cəmiyyəti-xeyriyyədən beş-on manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olaq". -Haman ərizə sahibi Məşədi Cəfər yeriyir camaatın içinə və ağlaya-ağlaya pul istəyir.* R ü s t ə m b ə y. Ağalar, bu barədə sözü olan danışsın. T e y m u r b ə y. Mən elə bilirəm ki, cəmiyyəti-xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda da acların ərizələrinə kifayət verilmədi və verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur. R ü s t ə m b ə y. Belə olan surətdə acların ərizələrini bu günkü məclisdə müzakirəyə qoymaq olmayacaq. -Üzvlərin bir neçəsi deyir: "xeyr, olmayacaq"; bir neçəsi deyir: "gərək müzakirəyə qoyulsun"* R ü s t ə m b ə y (zəngi çalır). Ağalar, acların ərizələrinə bu gün kifayət vermək istəyənlər dursunlar ayağa. -Durur ayağa Zivar xanım və Münəvvər xanım.* R ü s t ə m b ə y (Teymur bəy ilə pıçıldaşandan sonra). Camaat, cəmiyyəti-xeyriyyə belə qərar qoydu ki, acların ərizəsi mövcibincə acların halını yoxlamaq və onların həqiqətdə möhtac olmaqlarını təhqiq eləməkdən ötrü əlahiddə komissiya təyin olunsun və bu səbəbdən həmin məsələnin müzakirəsi bundan sonrakı iclasa qalmağı qərar verildi. -Aclar ağlaşır. Zivər xanım durur gedir. Məşədi Cəfərə bir gümüş pul verir.* Z i v ə r x a n ı m. Doğrusu, mənim bu kişiyə yazığım gəlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy. -Qapıda görsənir Qənbər, Qurban və Zaman. Qurbanın və Zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəstmal bağlaması.* Z a m a n (kobud çoban səsi ilə). Burdadımı o mal həkimi? -Camaaat üzünü çöndərir çobanlara tərəf.* Q ə n b ə r (Zamana). Ədə, heyvan, ədəbli danış. Ağalardan ayıbdı! R ü s t ə m b ə y (Qənbərə). Qənbər, bir az dayanın, məclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bəyə tutur, yavaşca). Aslan bəy, bu bizim sərkarımızdı, o ikisi də qonşu çobanlarındandı. Dünən gəlmişdilər, deyirdilər ki, qoyunlara bir azar düşüb. Cəmiyyət dağılandan sonra bir qədər ayaq saxla, bəlkə bunlara bir dava deyəsən. A s l a n b ə y. Yaxşı, qalaram. Q u r b a n (acların ağlamağına diqqət salır və deyir). A balam, niyə ağlayırsınız? M ə ş ə d i C ə f ə r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizə çörək dəyməyib. -Bunu eşidəndən sonra Qənbər, Qurban və Zaman bağlamanın birini açırlar və üç nəfər acların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər.* A c l a r (çobanlara). Ay qardaşlar, allah sizə kömək olsun, allah atanıza rəhmət eləsin. Z a m a n. Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genə verərik. -Cəmiyyət durur ayağa və acların yeməyinə tamaşa edir. Gülbahar da diqqət ilə baxır çobanlara.* R ü s t ə m b ə y. Qospoda, zasedaine obyavlyayu zakrıtom. -Cəmiyyət əl-ələ verib istəyir çıxa gedə və sonra yenə qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilə öpüşür və sonra hazırlaşır çıxmağa. Hamının nəzəri çobanların aclara çörək verməyindədir.* R ü s t ə m b ə y. Qənbər, Qənbər, yavuğa gəl, sözünü de. -Qənbər, Qurban və Zaman gəlir qabağa, Aslan bəyin yanına.* A s l a n b ə y. Yəqin ki, qoyunlarda yara görsənir. Q ə n b ə r. Bəli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtən kimi yaxşı olur. Amma qızdırmanın çarəsini bilmirik. -Üzvlər çobanların danışağına qulaq verir.* A s l a n b ə y (bir qədər fikirdən sonra). Yaxşı, bir mənə deyin görüm, qoyunun yarasını siz dezinfeksiya eləyirsinizmi? Q ə n b ə r. Qanmadıq, həkim ağa. Q u r b a n. Başa düşmədik, qurbanın olum. Z a m a n. O nə sözdür, başına dolanım. -Camaat gülüşür.* A s l a n b ə y. Bir də mənə deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü? Q ə n b ə r. Qanmadıq, həkim ağa. Q u r b a n. Başa düşmədik, qurbanın olum. Z a m a n. O nə sözdü, başına dolanım? -Camaat gülüşür.* Q u r b a n. Həkim ağa, yaraynan sənin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçən həftə qumral kərə qoyunu canavar yaralamışdı; bax, yarası belə kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündə yaxşı oldu. -Camaat və Gülbahar diqqət ilə qulaq asır.* Bənöyüş qaraüzü canavar iki həftə bundan qabaq yaralanmışdı; onu da qara nöyütnən yaxşı elədik. Keçən gün Hacı Əmrahgilin sürüsündən sarı əbrəş qoyunu genə canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülər. Sənin yaraynan işin yoxdu. Bilirik, sən yaxşı həkimsən; sən bu şoqərib qızdırmaya bir dava ver, ya bizə bir məsləhətli söz de. Bir də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək; yoxsa biz çöldə böyümüş çobanıq. Sən bir dava ver, qoyun qızdırmadan ölməsin. Odu, bir ayın içində bizim sürüdən iyirmi qoyun qızdırmadan qırıldı; sarı kərə dünən bizim sürüdən qızdırıb öldü. Zamangilin sürüsündən dünən yox, irəliki gün bir qara bənöyüş, bir də sarı qaraüz azarladı və murdar oldu. (Zamana). Ədə, Zaman, niyə dinmirsən? (Aslan bəyə). Sən bu qızdırmaya bizə bir dava ver, yoxsa belə getsə, evimiz yıxılar. Sən bizə rəhm elə, biz də sənin yolunu boş qoymanıq, hərdən bir yağdan, şordan gətirrik, uşaqlar yeyər; ağ yavannıq pis deyil. Bilirəm, şəhər yeridi, qonaq-qaranız olur. A s l a n b ə y (Rüstəm bəyə əl verib gedir və çobanlara deyir). Yaxşı, gələrsiniz retsept yazaram. -Çobanlar məəttəl qalıb, bilmirlər nə eləsinlər. Camaat hamı başlayır gülə-gülə dağılmağa.* (Otaqda qalır Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid. Bunlar üçü də yavıqlaşırlar Gülbaharın yanına.) R ü s t ə m b ə y. Hı, bacım, gördün Aslan bəy nə yaxşı danışır? -Mirzə Məhəmmədəli narazı başını bulayır.* G ü l b a h a r. Xeyr, dadaş! Z ə h r a b ə y i m (Gülbahara). Ay qız, Aslan bəy danışanda sən yuxulamışdın. Maşallah, yaxşı danışdı. -Rüstəm bəy çəkilir kənara. Səməd Vahid gəlir qabağa.* S ə m ə d V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nə gözəl əşar söylədi? -Gülbahar bərk gülür, buna baxıb Mirzə Məhəmmədəli də gülür. Səməd Vahid də çəkilir kənara və Gülbahar gülməkdən sakit olub deyir.* G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim. (Çıxır gedir içəri otağa). R ü s t ə m b ə y (gəlib durur Zəhra bəyimin qabağında və acıqnan deyir). Ana, dəxi bundan sonra qızını kimə istəyirsən ver. Mənim dəxi işim yoxdur. M i r z ə M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Söz yox ki, Aslan bəy kimi əhməqlərə getməkdənsə, Gülbaharın evdə qalmağı məsləhətdir. R ü s t ə m b ə y (çox ucadan Mirzə Məhəmmədəliyə). Axmaq-axmaq danışma! M i r z ə M ə h ə m m ə d ə l i (bu da ucadan). Danışacağam! S ə m ə d V a h i d (bu da ucadan). Ədəbsizlər! Əvət, ədəbsizlər! -Üçü də bir-birinə çox hirslə baxa-baxa çıxıb gedirlər. Zəhra bəyim tez durur ayağa və oğlanlarının dalınca yalvara-yalvara.* Z ə h r a b ə y i m. Sizə gələn qada-bala mənə gəlsin, ay balalarım, savaşmayın! -Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerində. Bayazını yenə qoyur qoltuq cibinə və dərin fikrə gedir.* -P ə r d ə s a l ı n ı r.* * * * Üçüncü məclis -Rüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.* Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?! G ü l b a h a r. Niyə gedib soruşmursan? Q ə n bə r. Xanımcan, bilmirəm harda olur. G ü l b a h a r. Rüstəm dadaşım bilər. Niyə tələsirsiniz, gözləyin gəlsin, soruşun. Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq. G ü l b a h a r. Qənbər, dünən sən mal həkiminnən danışanda mən qulaq asırdım; qoyunların adı çox məzəli idi. Necə, necə? Qumral qaragöz? (Gülür). -Çobanlar utanırlar və başlarını aşağı salırlar.* Q ə n b ə r. Xanımcan, bizim sürüdə yüz əlli qoyun var, hamısının əlahiddə adı var; necə ki, bir məclisdə yüz əlli adam ola, hərəsinin də ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zəhra bəyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar həmişə nəzərimizdə olsun və onların birisi sürüdən çıxmış olsa, o dəqiqə bilək və dalıyca olaq. İndi, məsələn, mənim qoyunlarımı gətirələr mənim gözümün qabağına və imtahan üçün sürüdən bir qoyun çıxardalar; mən sürüyə bir beləcə baxan kimi (gözünü dolandırır o tərəf-bu tərəfə) biləcəyəm ki, məsələn, çal əbrəş qoyun sürüdən çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb. G ü l b a h a r (Qənbərə yavıqlaşır). Dayan, dayan. Qənbər, sən allah bir məni başa sal. Çox əcəb, indi, məsələn, tutaq ki, bir saatlığa sürünü gətiriblər bura, sən də baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsən yüz əlli qoyundu; özü də canlı heyvandı, bir yerdə duran deyil; qarışqa kimi qaynaşır bir-birinə. Sən nə tövr biləcəksən ki, bunun içindən hansı qoyun yoxdu. Hamısı da bir-birinə oxşayır. Sən allah, Qənbər, nağıl elə. -Çobanlar gülüşür.* Q ə n b ə r. Xanımcan, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində--ki, qoyunlar dağılmasın.--Alıram ağacı əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağı: qara kərə, tayın görmək gərək; qumral kərə, tayın görmək gərək; sarı kürə, tayın görmək gərək, qumral kürə, tayın görmək gərək; bənöyüş kərə, tayın görmək gərək; qumral əbrəş, tayın görmək gərək; ağ qaraüz, tayın görmək gərək; bənöyüş əbrəş kürə, tayın görmək gərək; sarı kərə, qara kərə, çal kərə, ağ kərə, boz qumral kərə, hanı boz qumral kərə? Ədə, Qurban, hanı boz qumral kərə? Ədə, Zaman, yoxdu boz qumral kərə; Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayatı havası ilə oxuyur). Çal kərə, maral kərə, haradasan boz qumral kərə, boz qumral kərə, boz qumral kərə … ey vay … ey…. -Çobanlar gülür, Gülbahar da heyran-heyran baxır və dəsmalı ilə gözünün yaşını silir.* G ü l b a h a r. Qənbər, indi sən bildin boz qumral kərə yoxdu? Q ə n b ə r. Bəs necə bilmədim? Bildim ki, boz qumral kərə yoxdu. G ü l b a h a r. İndi nə eləyəcəksən? Qoyun sürüdən yox olanda nə eləyirsiniz? Q ə n b ə r. Xanımcan, bizim qoyunçuluq bir tərəfdən gözəl peşədi. Həmişə gəzdiyimiz və yaşadığımız yerlər, çəmənlər, laləli və çiçəkli dağlar, daşlar; içdiyimiz nədir? Bulaq suları və pak qoyun südü. Amma bu heyvanın yox olmağı, üzdəniraq, elə bir dərddir ki, elə bil, bir külfətdən bir övlad yox olub. G ü l b a h a r. Yəni çoxmu dərd eləyirsiniz? Q ə n b ə r. Xanımcan, elə olur ki, ağlayırıq da; çünki söz bir qoyunun qiymətində deyil ki, üç, ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik bu boz qumral kərə bizim qardaşımız idi, yainki bir əziz yoldaşımız idi. Xanımcan, and olsun allaha, keçən ay sarı əbrəş kərəni canavar dağıdanda Zaman bir gün axşama kimi tütək çaldı, mən axşama kimi bayatı deyib ağladım. (Qolu ilə gözünün yaşını silir.) -Gülbahar dəsmalını basır gözünə, girir içəri otağa. Rüstəm bəy çöldən girir içəri. Zəhra bəyim də gedir içəri otağa.* R ü s t ə m b ə y (Qənbərə). Qənbər, hələ buradasınız? Q ə n b ə r. A bəy, elə davadan ötrü qaldıq, bilmədik mal həkiminnən qoyunlara dava olacaq, ya olmayacaq? R ü s t ə m b ə y. Niyə gedib soruşmursan? Mal həkiminin evi bazar başında, karvansaranın yanında, Hacı Qasım bəyin evindədir. Get hambaldan-zaddan soruş, tap. Məəttəl olmuyun, gedin. -Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy yazıya məşğul olur. Çöl qapıdan girir içəri Mirzə Məhəmmədəli, dalınca bir hambal. Mirzə Məhəmmədəli gedir kitablarını yığışdırır sandığa ki, versin hambala. Zəhrabəyim, qorxa-qorxa başını qapıdan uzadır içəri və Mirzə Məhəmmədəlinin yığşmağını görəndə, gəlib durur onun yanında.* Z ə h r a b ə y i m. Bala, bunu hara yığışdırırsan? (Mirzə Məhəmmədəli cavab vermir və kitablarını yığışdırır). Olmaz, olmaz! Deyəsən buradan köçmək istəyirsən? Qoymanam, qoymanam, özümü öldürrəm! (Qoltuğunu eşələyir, bayazını çıxardır). Olmaz, köçmək olmaz! Siz burda hamınız bir yerdə yazılmısınız, ayrıla bilməzsiniz; yoxsa vallah bağrım çatlar! (Üzünü çöndərir Rüstəm bəyə)). Rüstəm, bala, qoyma getsin. Burada hamınız bir yerdə yazılmısınız, qoymanam ayrılasınız. -Çöl qapıdan Səməd Vahid, dalınca bir hambal girirlər içəri; Səməd Vahid də gəlir, kitablarını yığışdırır.* Z ə h r a b ə y i m (Səməd Vahidə). Səməd, bala, sən nə qayırırsan? Niyə bunları yığışdırırsan? Yoxsa sən də köçmək istəyirsən? Buy, evim yıxıldı! Aman allah, mənim başıma kül ələnsin! Allah, məni öldür, öldür, öldür! (Ağlaya-ağlaya girir içəri). -Mirzə Məhəmmədəli və Səməd Vahid Zəhra bəyimə qulaq verməyib yığışmaqdadırlar. Bu heyndə çöl qapıdan girir içəri Senzor Mirzə Cəfər bəy, yanında bir nəfər polis məmuru və iki nəfər polis fərraşı. Üç qardaş çəkilib dururlar öz yerlərində, hamballar çəkilir kənara. İçəri otaqdan, qapının arasından Gülbahar baxır və çöl qapıdan Qənbər baxır.* S e n z o r. Həzərat, hökumətin qərardadı mocibincə biz təyin olunmuşuq ki, burada üç qardaşın, yəni (papkasından bir kağız çıxarıb baxır) Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin mənzilini axtaraq, kitabxanalarını müayinə edək, siyahiyə götürək, məzmunlarını bilək və hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratülqovl yazaq və hökumətin baş senzorxanasına pişnəhad edib, bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. Burada olan əşxasdan xahiş olunur ki, nə bir yerə tərpənsinlər və nə də buraya sair bir adam qoysunlar. R ü s t ə m b ə y. Bəli, nə sözümüz ola bilər. M i r z ə M ə h ə m m ə d ə l i. İxtiyar sahibisiniz. S ə m ə d V a h i d. Şayəd belə icab edər. S e n z o r. Cənab Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid…. (kağıza baxa-baxa) xahiş edirəm familiyanızı da buyurasınız. R ü s t ə m b ə y. Rüstəm bəy Əbdüləzimof. M i r z ə M ə h ə m m ə d ə l i. Mirzə Məhəmmədəli xələfi-mərhum Ağa Əbdüləzim. S ə m ə d V a h i d. Əbdüləzimzadeyi Səməd Vahid. S e n z o r. Xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınız hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətinə iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını--ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdüstanı, Urmu və qeyrilərə--bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz və salisən bu fikirdən də uzaq deyilsiz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız. Məhz bu səbəbdən siz üç qardaşın cəmi kitablarını bu saat gərək təftiş edək. Cənab Rüstəm bəy, əvvəl siz öz kitablarınızı nişan veriniz. -Rüstəm bəy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır, açıb baxır və polis məmuru oturub, senzor baxdığı kitabları siyahı edir.* S e n z o r (rusca da, müsəlmanca da oxuyur): Slovar russkoqo yazıka--Rus dili lüğəti, bir cild. Slovar russkoqo yazıka Dalya, 3 toma--rus lüğəti. Bolşaya ensiklopediya, 2 toma--Rus dilində böyük qamus, iki cild. Slovar inostrannıx slov v russkom yazıke--Rus dilində əcnəbi lüğət. Slovar velikorusskoqo yazıka--Genə rus lüğəti. Malaya ensiklopediya--Rus dilində kiçik qamus. Russko-slavyanskiy slovar--Rus və slavyan lüğəti. Slavyano-russkiy slovar--Slavyan-rus lüğəti. Sokraşennıy ruskiy slovar Nikitina--Genə rus lüğəti. Tolkovaniye serbskix slov, voşedşix v russkiy yazık--Serb və rus lüğəti. -Mirzə Məhəmmədəli başını bulamaq ilə narazılığını bildirir.* Malorossiyskiy slovar--Genə rus lüğəti. Sravnitelnoye tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğəti. Russko-bolqarskiy slovar--Rus-bolqar lüğəti. Moldavo-russko-çeşskiy slovar--Genə rus lüğəti. Medisinskiy slovar--Rus dilində müalicə lüğəti. Yujno-velikorusskiy slovar--Velikorus lüğəti. Russko-rumınskiy slovar--Rus-rumın lüğəti. Texniçeskiy slovar--Rus dilində sənət lüğəti. Filosofskiy slovar--Filosofiya lüğəti. Polnıy slovotolkovatel Zimina--Zimin lüğəti. İssledovaniye drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğəti. -Yenə Mirzə Məhəmmədəli narazılığını büruzə verib, başını bulayır.* Slovar Solovyeva--Solovyovun lüğəti. Vostoçno-russkiy slovar--Şərqi-rus lüğəti. Zapadno-russkiy slovar--Qərbi rus lüğəti. Akademiçeskiy slovar--Akademiya lüğəti. Drevnerusskiy slovar--Qədim rus lüğəti. -Rüstəm bəyin kitabları qurtarır.* S e n z o r. Buradakı kitablar tamam oldu. Dəxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz. R ü s t ə m b ə y. Xeyr, dəxi bundan savayı mənim kitabım yoxdur. S e n z o r. Xub, bunlar cəmisi rus lüğətləridir. Bunlardan bizim üçün bir mətləb hasil olmadı. Bunları yığışdırın qoyun yerinə. Pəs sizin müsəlman kitabınız məgər yoxdur? R ü s t ə m b ə y. Xeyr, yoxdur. S e n z o r. Heç biri də? R ü s t ə m bəy. Heç yarısı da. S e n z o r. Səbəb nədir? Hə, Hə, bağışlayınız, yəqin ki, siz darülfünun qurtarmısınız! R ü s t ə m b ə y. Bəli, ağa. S e n z o r. Xub, pəs siz nə işə məşğulsunuz? R ü s t ə m b ə y. Mən lüğət yazıram. S e n z o r (Mirzə Məhəmmədəliyə). Cənab Mirzə Məhəmmədəli, şayəd siz ittihadi-müslimin məşqinə düşübsünüz ki, İran və Rusiya azərbaycanlılarından bir müstəqil hökumət əmələ gətirəsiniz və bu qəsd ilə qardaşlarınız ilə bir ittihad bağlamısınız. Xahiş edirəm, siz də öz kitablarınızı nişan verəsiniz. M i r z ə M ə h ə m m ə d ə l i (Hər iki əli ilə kitab sandığını nişan verir). Ağa, buyura bilərsiniz, bu da mənim kitablarım. S e n z o r (bir-bir kitabları alır əlinə, baxır). Xub, bu nədir? Bəli, Kitab dər bəyani-küsufi-külli, yəni günün tamam tutulmağının duaları (polis məmuru yazır). Kitab dər bəyani-əhvəlati-küsufi-cüzi, yəni günün yarımçıq tutulmağının əhvalatı (polis məmuru yazır). Keyfiyyəti-xüsuf və küsuf; ayın və günün tutulmağı (polis məmuru yazır, senzor o biri kitabı oxuyur). Mütəvəssit şüdəni-afitabi-miyani-övci-qəmər və mərkəzi-tədviri-u və bəyani-təfsilati-xüsuf və küsuf (polis məmuru yazır, senzor o biri kitabı götürür). Giriftəciyi qəndili-İsa, yəni afitabi-aləmtab, yəni günün tutulmağının duaları, (polis məmura yazır, senzor o biri kitabı götürür). Kitab dər bəyani-əhvali-ki, zəmin miyani-mah və afitab hayil şəvəd, yəni bəyani-hali-xüsuf və onun hökmlərindən danışır ki, xudavəndi-aləm tərəfindən bəndələrə tövsiyə olunubdur (polis məmuru yazır, senzor o biri kitabı götürür). Keyfiyyəti-küsuf və övzai-on nisbət bəbiladi-müxtəlifə; demək, bu da günün tutulmağından danışır (polis məmuru yazır, senzor o biri kitabı götürür). Övzai-kəvakib dər məqami-ittifaq şüdəni-küsuf və xüsuf və təklifi ki, bebəndəgai mühəvvəl şüdə əst; demək, bu da ayın və günün tutulmağından və onun ibadətlərindən danışır (o biri kitab), Nəqşeyi-xüsufi-külli, yəni ayın tamam tutulmağının nəqşəsi (o biri kitab), Xətti-xüsufi-cüz dər afaqi-mərkəzi; xülasə, bu da ayın tutulmağından danışır. Vəssəlam, dəxi kitabınız yoxdu? M i r z ə M ə h ə m m ə d ə l i. Xeyr, ağacan, dəxi bunlardan savayı kitabım yoxdur. S e n z o r. Bağışlayasınız, sizin sənətiniz nədir? M i r z ə M ə h ə m m ə d ə l i. Bəndə xüsuf və küsuf duası yazıram, özüm də cəmiyyəti-xeyriyyədə elmi-ilahi müəllimiyəm. S e n z o r. Cənab Rüstəm bəy və Mirzə Məhəmmədəli, hökuməti-əliyyənin politikasına xətər yetirən mətləblər sizin ikinizin də kitablarından tapılmadı. Yəqin ki, olsa Səməd Vahid cənablarında olacaq. (Səməd Vahidə). Yəqin ki, sizin kitablarınız bunlardır? S ə m ə d V a h i d. Bəli, ağa. S e n z o r (bir kitabı götürüb oxuyur). Zavallının işi çoqdur zaman bulub gələməz, Gedib də söyləməmişsə, nə haldasan biləməz. M i r z ə M ə h ə m m ə d ə l i (öz-özünə). Pəh-pəh, ləzzət apardıq. S e n z o r. Demək, bu hamısı şerdir? S ə m ə d V a h i d. Əvət, həpsi əşardır. S e n z o r (o biri kitabı götürüb oxuyur). Köksündən qalqar, topuqdan salqar, Kəndini içə saqın, iç çəngələ taqar. Güc ilə əgər Misri, Varmı bu pəhləvanların qüsuri. S e n z o r. Bunlar da deyəsən hamısı şerdi. S ə m ə d V a h i d. Əvət. S e n z o r (bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir Səməd Vahidə). Deyəsən bu da hamısı şerdi. Buyur buradan oxu görüm. S ə m ə d V a h i d (şairanə oxuyur, əl-qolunu ata-ata). Fərda sənin, sənin bu təcəddüd, bu inqilab. Hər şey sənin deyilmi ki, zatən sən, ey şəbab?! Ey çöhreyi-bəhici-ümid, iştə məkəsin, Qarşında bir səmayi-səhər safü bisəhab. -Mirzə Məhəmmədəli başını bulayır.* S e n z o r. Mən, doğrusu, bunu başa düşmədim. Pəs bu qalan kitablar nə kitablarıdır? S ə m ə d V a h i d. Həpsi Türkiyə əşarıdır. S e n z o r (bir kitab da götürüb baxır). Mürəbbelər. Təthiri-məcaz həml eqaq, Bir eyşi-həziz nar xəndir. Bir hiz visal töhfədəndir, Aşüftə nihan xaki-müştaq. -Bu kitabı qoyur, o biri kitabı götürüb oxuyur.* Failatün, failatün, failatün, failat, Şöləyabi, xaki-paki, inkişaki-təntəraq, -Bu kitabı qoyur, o birini götürür, oxuyur.* Elmi-vəzi hamısı şerdir. Bu kitab da üsuli-qafiyədən danışır. Hamısı şerdir. Bu kitab sərbəst nəzm şerləridir. Bu kitab da müxəmməs şerləridir. Bu da təxmisdir. Hamısı şerdir. Bu kitab qəsidələrdir; yəni hamısı şerdi. Bu da saqinamə şerləridi. Bu da məsnəvi. Bu da qəzəllər. Bu nədir? Tərcibənd. Bu da tərkib-bənd. Genə hamısı şerdir. -Mirzə Məhəmmədəli başını bulayır.* S e n z o r. Görüm dəxi nə var? Bu kitab görüm nədən danışır? Bu da sənəti-süxəndən danışır. Bu da şerdir. Bu da müsəddəs şerləridir. Ba-ba-ba! Cənab Səməd Vahid, bunlar ki, cümləsi şer kitablarıdır, özləri də hamısı İstambul çapıdır. Pəs səbəb nədir ki, Osmanlıdan gələn kitablar hamısı şerdir? S ə m ə d V a h i d. Səbəb budur ki, Osmanlıda cəmi qələm sahibləri şairdi; cəmi doktorlar, mühəndislər, diplomatlar, hətta ministrlər də şairdi, həpsi şairdi. S e n z o r. Bağışlayasınız, pəs sizin sənətiniz nədir? S ə m ə d V a h i d. Mən özüm də şairəm. Kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum. M i r z ə M ə h ə m m ə d ə l i (öz-özünə). Allah bərəkət versin. S e n z o r (üzünü polis məmuruna və fərraşlara tutub). Xub, biz getməli olduq. (Üç qardaşa) həzərat, bəndə bir saat bundan əqdəm sizin üçünüzün də barəsində bir özgə xəyalda idim. Amma kitablarınızı görəndən sonra, dəxi indi fikrimi bilmərrə dəyişdim. İndi nə fikirdəyəm, o da qalsın mənim öz yanımda; lakin özümə fərz bilirəm hökumətə ərzi-hal edib sizi ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edəm. Məni əfv buyurasınız və səlamət qalasınız. -Senzor, polis məmuru və fərraşlar çıxıb gedirlər.* R ü s t ə m b ə y, M i r z ə M ə h ə m m ə d ə l i v ə S ə m ə d V a h i d (birdən). Xoş gəldiniz. -Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstəm bəy kitablarını şkafa düzdüyü yerdə birdən üzünü çöndərir qardaşlarına və qah-qah çəkib başlayır gülməyə. Mirzə Məhəmmədəli və Səməd Vahid təəccüblü baxırlar Rüstəm bəyə. Bir dəfə də uğunub cüləndən sonra Rüstəm bəy qardaşlarına deyir:* R ü s t ə m b ə y. Hələ indiyə kimi xalq bir şeyi başa düşmürdü. İndiyə kimi xalq deyirdi: mərhəba-Əbdüləzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm təhsil edib, biri İstambulda, biri Nəcəfül-əşrəfdə. Üçü də, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylənəcək ki, haman üç alimlərin biri (Mirzə Məhəmmədəliyə işarə edir) xüsüf-küsuf duası yazır; biri (Səməd Vahidə baxır) məfailün fəilatün; biri də … (özünə baxır), vallah, mən özüm də heç başa düşmürəm ki, mən nəçiyəm. Qah-qah-qah! (Qah-qah çəkir). M i r z ə M ə h ə m m ə d ə l i (Rüstəm bəyə). Cənab Rüstəm bəy! Əksər üləma və füzəladan mütəvatir rəvayətdir ki, "əl-qəhqəhətü minəşşeytan"--yəni bilirsən bunun mənası nədir? (Bir az dayanır). Bilmirsən təfsir edim. Bunun mənası budur ki, qah-qah çəkib gülmək şeytan sənətidir (məşğul olur kitablarını yığışdırmağa). R ü s t ə m b ə y (çığırır). Biədəb! M i r z ə M ə h ə m m ə d ə l i (çığırır). Biədəb özünsən! R ü s t ə m b ə y (çığırır). Sənsən! M i r z ə M ə h ə m m ə d ə l i (çığırır). Sənsən. S ə m ə d V a h i d (çığırır). Bəradərlərim, nə qovğa? -Zəhrabəyim girir içəri və qoltuğundan bayazını çıxarıb tutur gah Rüstəm bəyin qabağına, gah Mirzə Məhəmmədəlinin qabağına. Bunlar da Zəhra bəyimi itələyib deyirlər: "Sən də cəhənnəm ol başımızdan!" İkisi də övrətin kitabını tullayırlar, vərəqləri dağılır. Gülbahar və Qənbər, çobanlar ilə tökülürlər içəri. Mirzə Məhəmmədəli "sənsən!" deyə-deyə çıxıb gedir. Səməd Vahid "nə qovğadır!" deyə-deyə çıxıb gedir. Zivər xanım gəlib yapışır Rüstəm bəyin qolundan, çəkib aparır. Zəhra bəyim yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadın yanına. Qənbər də yavuq gəlib, məəttəl qalır.* -P ə r d ə s a l ı n ı r.* * * * Dördüncü məclis Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır. R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana! Z ə h r a b ə y i m (həzin səs ilə). Nə deyirsən, Rüstəm bala? R ü s t ə m b ə y. Ana mən sənin yanında müqəssirəm. Mənim günahımdan keç. Dünən səni mən incitdim. Z ə h r a b ə y i m. Bala, sənin mən qadanı alım. Sənin nə bir günahın var ki, mən sənin günahından keçəm? Sən məni incitməmisən. Sən bircə qardaşlarından ayrı düşmə, mən öləndən sonra da, qəbirdə də sənə duaçı olum, ay Rüstəm bala! R ü s t ə m b ə y (bir qədər dinmir və sonra). Ana, ay ana, axır sən bəzi işləri bilirsən, bəzisini də bilmirsən. Bizim bir-birimiznən danışığımız məslək üstədir, mübahisəmiz kitab üstədir. Yoxsa sən dediyin söz bir gözəl sözdü. Məsələn, elə mən açığını sənə deyim. Ana, ana, eşidirsən nə deyirəm? Ana, qulaq asırsan ya yox? Z ə h r a b ə y i m (həzin səs ilə və güc ilə). Hə, hə, bala, sözünü de, eşidirəm. R ü s t ə m b ə y. Ana, bax, mən səni lap yaxşı başa salım: nə qədər ki, mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini tutur), Məhəmmədəli də bu kitablara (Mirzə Məhəmmədəlinin tərəfinə əlini uzadır) və Səməd də bu kitablara (Səməd Vahidə tərəf əlini uzadır) etiqad eləyirlər, dəxi biz nə təhər ittihad edib, mehriban yola gedə bilərik? (Rüstəm bəy yavaş-yavaş uzaqlaşır içəri otağa. Zəhra bəyim dərin ah çəkir, sonra Mirzə Məhəmmədəli gəlib çökür diz ustə anasının qabağında). M i r z ə M ə h ə m m ə d ə l i. Ana, məni bağışla, dünən hirsli vaxtımda sənə tərk-ədəblik göstərdim. Z ə h r a b ə y i m. Bala, ayaqlarının altında ölüm, qardaşlarından ayrılma. G ü l b a h a r. Dadaş, sən, atanın goru, ayrılma. M i r z ə M ə h ə m m ə d ə l i. Ana, ay ana, bir qulaq as, gör nə deyirəm. İşin əslkarı bir yerdədir ki, bax, mən səni bu saat başa salım. Bax, bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Bir qismi budur (Rüstəm bəyin kitablarını nişan verir). Bir qismi budur (Səməd Vahidin kitablarını nişan verir). Bir qismi də budur (öz kitablarını nişan verir). Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, diqqətnən baxsaq və zaiqəyə tapşırsaq, baxıb görərik ki, bu üç qism kitablar bir-birinə o qədər oxşayır, necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır. Bax, qoy səni qurtarım; qulaq asırsan, ana, ya yox? Bu kitabların cəmisi əşardı, özü də əşar deyirəm ha! Fikrin özgə yana getməsin. Xoruz səsi eşitməyən əşardı! S ə m ə d V a h i d. Pəki! M i r z ə M ə h ə m m ə d ə l i (əlini Rüstəm bəyə sarı tutur). Bu kitabların da cəmisi bilirsən nədir? Bilmirsən, deyim: cəmisi rus lüğətidir. Bu da elə bir cür naxoşluqdur. Rüstəm bəy sağ əlini Mirzə Məhəmmədəliyə tərəf atır və gedir çölə. O ki, qaldı mənim öz kitablarım (kitablarına tərəf baxır və bir qədər fikrə gedir), bunların biri xüsufdu, biri küsufdu. Di indi, ana, bizə bir tədbir tök, görək biz nə tövr yola gedə bilərik?! Zəhra bəyim dərin ah çəkir. Ana, sözün yoxdu? Məni bağışla, mən getməliyəm. (Durur, başmaqlarını geyir). Gülbahar, mən hammal göndərəcəyəm, mənim kitab sandığımı və yatacağımı verərsən gətirsin (çıxıb gedir). S ə m ə d V a h i d (Zəhra bəyimə tərəf gəlir). Validəm, bənə də bəradərlərim ilə yola getməyi təklif edəcəksən, bəni də əfv et, zira gərək gavur lüğətlərinin (Rüstəm bəyin şkafınaa işarə edir) və gərək fanatik kitablarının (Mirzə Məhəmmədəlinin kitablarına işarə edir) sahibləri ilə bir sırada bulunmaq bəndə üçün qabili-imkan deyil. Bəni əfv et. (Gülbahara) Bənim də kitablarım ardınca hammal gələsidir, ona təslim etməkdə müzayiqə göstərməzsən, zənn ediyorum. (Çıxıb gedir). Zəhra bəyim bir qədər fikir eləyir və güc ilə o tərəf-bu tərəfə baxır və Gülbahardan savayı otaqda bir kəsi görmür. Z ə h r a b ə y i m. Qızım, bunlar hara getdilər? G ü l b a h a r. Nə bilim, ana? Çıxıb getdilər. Z ə h r a b ə y i m (fikrə gedir). Ürəyim, ürəyim (əlini qoyur ürəyinə) üç yerə bölünə, üç tikə ola, hər tikəsi də bir tərəfə çıxıb gedə (yenə baxır otağa), onda dəxi ürəyim parçalanar, ölərəm. Qızım, pəs mənim ürəyim üç parça olsa, sən nə elərsən?! Qızım, anasız qalarsan (dərin ah çəkir və huşa gedir). Gülbahar bir qədər baxır anasına və tez durur ayağa, qaçır qapıya və nə qədər səsi var, çığırır. G ü l b a h a r. Səməd, Səməd!… Məhəmmədəli dadaş!… Səməd!… Q ə n b ə r hövlnak girir içəri, dalınca Q u r b a n və Z a m a n. Gülbahar qaçır Qənbərin yanına, yapışır əlindən və çəkə-çəkə gətirir anasının yanına və özü də çökür anasının qabağında, əlini götürür və çağırır. Ana! Ana! Qənbər təəccüb edir və deyir. Q ə n bə r. Xanımcan, nə var? Yoxsa xanım bəyim pis haldadır? Zəhra bəyim gözlərini açır və baxır Gülbahara və sonra da Qənbərə və güc ilə başını çöndərir və gözü ilə bir şey axtaran kimi çobanlara gözü sataşır. G ü l b a h a r. Ana, necəsən? Z ə h r a b ə y i m (Qənbərə baxır). Qənbər, sənsən? Hələ getməmisən? Q ə n b ə r. Xanım bəyim, qulluğunda durmuşam. G ü l b a h a r. Ana, Qənbər və çobanlar gəliblər sənin kefini xəbər alırlar. (Qənbərə) Qənbər, bir az danış, anamın kefi açılsın. Z ə h r a b ə y i m (Qənbərə). Qənbər, bir az danış, danış. Nə olar, danış, qulaq asaq. Niyə danışmırsan? Mən istəyirəm qulaq asam. De gərək, indi qoyunların nə qayırır? Deyirdin axı azarlıyırlar. Qənbər utanır və başını salır aşağı. G ü l b a h a r (gülə-gülə). Qənbər, hı, indi qoyunların səni gözləyir. İndi görəsən qumral bənöyüş qoyunu canavar dağıtmayıb ki? (gülür). Q ə n b ə r. Xanım bəyim, qumral bənöyüş qoyun sənə qurban olsun. G ü l b a h a r. Qənbər, hı, sən allah bir nağıl elə görək, qoyunu canavar dağıdanda necə ağlayırsan? Q ə n b ə r (utana-utana). Xanımcan, onu mən sənə nağıl eləmişəm, onu sən bilirsən. Bəlkə sən Zamanın tütək çalmağını görəsən, görəsən necə tütəyin səsi ilə qoyunları qaytarır? G ü l b a h a r. Necə, necə? Sən allah, Qənbər, necə? Bir nağıl elə görək. (Anasına). Ana, qulaq asırsanmı, nağıl eləsinmi? Ana, qoy nağıl eləsin, qulaq as. Q ə n b ə r. Xanımcan, and olsun allaha, bir dəfə mən özüm təəccüb qaldım. Günorta zamanı idi. Qoyunları çobanlar aparırdılar "Qızlar bulağına". Biz də yoldaşlarımıznan oturmuşduq kəklik təpəsinin yamacında, qoyunlara baxırdıq. Bax, bu qırışmal Zaman da oturmuşdu yanımızda, tütək çalırdı. Bizim qoyunlar da, Zamangilin qoyunları da bulağa sarı getməkdə idi. Birdən Zaman bizə qayıtdı ki, "nə verərsiniz, elə çalım ki, qoyunlar getdikləri yerdə dayanıb, geri qayıtsınlar?" Söz yox, heç kəs inanmadı. Xülasə, nə başınızı ağrıdım, xanımlar, Zaman başladı çalmağa. (Zamana). Ədə, çıxart tütəyini. (Zaman utana-utana tütəyini çıxardır). And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi elə bil ki, bir şeydən ürkdülər. Eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpıtdılar. Elə bil, bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata, mələşə-mələşə başladılar təpəyə tərəf geri qaçmağa. (Zamana). Ədə, Zaman, çal. Zaman başlayır tütəkdə çoban--bayatını çalmağa; bir qədər ona baxıb, Qənbər oxuyur. Q ə n b ə r. Biz çobanıq, dağdı, daşdı yerimiz, Yoldaşımız qoyun-quzu sürümüz, Dərs almayıb, haqdı-ki, heç birimiz, Amma zövqü səfalıdı çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar. Gözəl olur çöldə çəmənlər, çaylar, Qışda arandayıq, dağda da yaylar, Çoban südü sağar, hamıya paylar, Niyyəti çünki alidir çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar. Sürü kəndə dönəndə axşam-səhər, Qoyun mələr, quzu mələr, hey mələr, Səsə-küyə düşər, köpəklər hürər, Billah, zövqü səfalıdı çobanlar, Qardaşlıqda vəfalıdı çobanlar. Z a m a n (tütəyi qoyur cibinə və deyir). Eh, xanımların canı sağ olsun. G ü l b a h a r (Qənbərə). Qənbər, sən allah o sözləri sən özün bir də de. Qənbər başını salır aşağa və bir də avazsız həmin sözləri deyir. Q ə n b ə r. Biz çobanıq, dağdı, daşdı yerimiz … (və axıra kimi). Qənbər qurtardıqda çöl qapıdan bir hambal girir içəri. H a m b a l. Burdadımı Mirzə Məhəmmədəli ağanın kitabları? Məni göndərib aparam məscid hücrəsinə. Gülbahar hambala əli ilə işarə eləyir dinməsin və hambala yavuq gəlib qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir, sonra gəlir anasının yanına. G ü l b a h a r (anasına). Ana, dur səni aparım içəri otağa. Orada uzan, rahat ol. Zəhra bəyim hazırlaşır dursun ayağa, bir qədər fikir eləyir və qoltuğunu eşələyib bayazını çıxardır verir Gülbahara və deyir: Z ə h r a b ə y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var,--öz əlinən yazıb,--onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan öləndən iki gün qabaq öz əlinən yazdı (durur ayağa) əli titrəyə-titrəyə yazdı; elə naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış əlimdən, qalxa bilmirəm. Zəhra bəyim "vay-vay" eləyə-eləyə durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının əlindən; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vərəqləyir, bir yerini tapır, diqqətnən oxuyur. İ k i i c i h a m b a l daxil olur içəri. İ k i n c i h a m b a l. Mən gəlmişəm Səməd Vahidin kitablarını və yatacağını aparam. G ü l b a h a r. (bir qədər baxır). Bir qədər dur çöldə, bir azdan sonra gəl apar. Hambal gedir. G ü l b a h a r (bir qədər fikirdən sonra, Qənbərə). Qənbər, bilirsən nə var? Q ə n b ə r. Buyur, xanımcan. G ü l b a h a r. Gərək mənə kömək eləyəsən. Q ə n b ə r. Gözüm üstə, xanımcan, buyur. (Əlini qoyur gözünün üstə). G ü l b a h a r. Qənbər, bilirsən nə var? Qulaq as, deyim. Qənbər, Məhəmmədəli dadaşım və Səməd dadaşım indi hammalları göndərmişdilər ki, kitablarını və yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçməyini eşitcək qutaracaq; yəqin bil ki, haman dəqiqə keçinəcək. Qənbər, mənə kömək elə. Q ə n b ə r. Xanımcan, hər nə buyurursan buyur. Hazıram. G ü l b a h a r (fikirli). Vallah, məəttəl qalmışam. Q ə n b ə r. Xanımcan, hər nə buyursan, əmələ gətirə bilərəm. G ü l b a h a r. Vallah, heç bilmirəm nə qayırım? (Gülbahar gah gedir qapıya tərəf, gah girir içəri otağa, gah bir durur fikir eləyir, gah gedir qardaşlarının kitablarına diqqət ilə baxır.) Bu heyndə R ü s t ə m bəy içəri otaqdan başını uzadıb, Q ə n b ə r i və ç o b a n l a r ı görüb deyir. R ü s t ə m b ə y. Qənbər, sizin burada bir işiniz yoxdur, bu saat buradan rədd olun, bir də sizi mən burada görməyim! Qənbər və çobanlar çıxıb gedirlər, Rüstəm bəy də yox olur. Gülbahar dərin fikirdə o tərəfə-bu tərəfə var-gəl eləyir və axırda gedir durur pəncərənin qabağında və baxır çölə və birdən uca səs ilə çığırır: "Qənbər!" Çöl qapıdan içəri daxil olur i k i n c i h a m b a l. İ k i n c i h a m m a l. Xanım, mən məəttəl oldum, məni yola sal, gedim. Gülbahar yenə bir qədər fikir edir, sonra gəlir yapışır onun əlindən, çəkə-çəkə aparır pəncərənin qabağına və deyir: G ü l b a h a r. Ay hammal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir? İ k i n c i h a m m a l. Xanım, pəs hara getsinlər? G ü l b a h a r. Necə hara getsinlər? Mən axır səndən söz soruşuram ki, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir; mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar. İ k i n c i h a m m a l. Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir. G ü l b a h a r (hövsələsiz). Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə (oturur pəncərənin içində). İ k i n c i h a m m a l. Xanım, məni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım. G ü l b a h a r (hirsli qalxır ayağa və uğadan). Axmaq-axmaq danışma! Mən səndən söz soruşuram, sən hələ məndən katab istəyirsən. Bu saat mənə de görüm ki, axır bu adamlar niyə hamısı bir tərəfə getmir? Niyə biri o tərəfə gedir, biri bu tərəfə gedir? İ k i n c i h a m m a l. Xanım, başına dolanım, axır mən nə bilim? Hər kəs hara istəyir gedir. Mən dəxi nə eləyim?! G ü l b a h a r. Qələt eləmə, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elə bir iş edərəm, bir dəqiqə içində, bax, bir göz yumub saatda (gözlərini yumur) quruyub daşa dönərlər. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sən onları xəbərdar elə! Yoxsa yazıqdılar, axırda özləri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah! Hambal çönüb qapıya tərəf gedir. G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gəl kitabları apar. Amma mən sənə necə ki, dedim, elə də camaatı başa salarsan. İ k i n c i h a m m a l. Baş üstə, xanım. Pəs mən hansı kitabları aparacağam. Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır, kitabları bir-bir çıxardır və cildlərini cıra-cıra, vərəqlərini dağıda-dağıda tullayır ortalığa və tullaya-tullaya deyir. G ü l b a h a r. Rus lüğəti. Slavyan lüğəti (hambal bu işi görcək yavaşca yox olur. Rüstəm bəyin kitablarını qurtarandan sonra Gülbahar Səməd Vahidin kitablarını haman minval ilə, yəni cırıb dağıda-dağıda atır yerə və ata-ata deyir): Elmi-qafiyə. Vəzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzə Məhəmmədəlinin sandığından kitabları yenə bir-bir çıxarır və cıra-cıra tullayır yerə və deyir): Xüsuf. Küsuf. Sonra o tərəf-bu tərəfə baxıb görür hambal yoxdur, gəlir kitabların tikə-parçalarını qucaqlayır və pəncərədən tökür çölə. Qaçır içəri otaqdan neft və spiçka gətirir, kitabların üstünə neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir səhifəsini açır və diqqət ilə baxır. Çöl qapıdan hövlnak daxil olur, M i r z ə M ə h ə m m ə d ə l i , S ə m ə d V a h i d və dallarınca b i r i n c i və i k i n c i h a m b a l l a r. İçəri otaqdan hövlnak daxil olurlar R ü s t ə m b ə y, Z i v ə r x a n ı m və bunların dalısınca Z ə h r a b ə y i m sürünə-sürünə özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını və Gülbaharın əhvalının dəyişməyini görüb mat qalır. Zəhra bəyim vayıldaya-vayıldaya deyir. Z ə h r a b ə y i m. Ax, yazıq canım! Qardaşlar gedirlər, pəncərədən kitabların yanmağına baxırlar, sonar çönüb Gülbahara tamaşa edirlər. Gülbahar əlindəki kitabın açıq səhifəsini yuxarı qalxızıb, qardaşlarına tərəf tutub baxır. Ara bir qədər sakit keçir və heç kəs dinmir. Axırda Gülbahar ucadan mütəəssiranə deyir: G ü l b a h a r. Qaldı bircə kitab: bu da anamın kitabı! Bir qədər hamı sakit durur baxır. Budur atam öz əli ilə yazdığı vəsiyyət (oxuyur). Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilində, rəbiüs-saninin on ikisində, çeşənbə günü, sübh əzanından yarım saat keçdikdə yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət olsun Rüstəm balamdan (barmağı ilə Rüstəm bəyə işarə edir; Rüstəm bəy atasının xəttinə diqqət edəndən sonra dəsmalını basır üzünə). Biçarə övrətin cisminin qalanından genə tarixi-hicrinin min iki yüz doxsan doqquzuncu ilində, ramazanın beşində, pəncşənbə günü, axşamdan üç saat keçdikdə genə bir parça ayrılıb qopdu. Haman gün oğlum Məhəmmədəli anadan oldu (barmağı ilə Mirzə Məhəmmədəliyə işarə edir; Məhəmmədəli də yavuq gəlir və atasının xəttini görür və dəsmalı basır üzünə). Yazıq Zəhranın qalan cismi genə bir dəfə parçalandı. Bu da vaqe oldu haman tarixin min üç yüz dördüncü ilində, cəmadiəl-əvvəlin on beşində, çaharşənbə günü, günorta zamanı ki, haman gün balamız Səməd dünyaya gəldi (Səməd Vahidə işarə edir; Səməd Vahid dəsmalı basır üzünə). Bundan da bir neçə il sonra baxtı-qara övrətin qalan yarım canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq. Bu da vaqe olub haman tarixin min üç yüz onuncu ilində, şəvvalın iyirmi birində, cümə axşamı, sübh vaxtı. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına tərəf tutur) ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq. (Gülbahar qurtarcaq anası Zəhra bəyim bihuş oturduğu yerdə yıxılır. Gülbahar kitabı qoyur qoltuq cibinə və gedir oturur pəncərənin qabağında, dizlərini qucaqlayır və baxır çölə tərəf). R ü s t ə m b ə y, M i r z ə M ə h ə m m ə d ə l i, S ə m ə d V a h i d və Z i v ə r x a n ı m tökülürlər Zəhra bəyimin yanına. Mirzə Məhəmmədəli anasının əllərini soyumuş və can üstə görüb, qalxır durur övrətin başının üstündə və başlayır fatihə surəsini oxumağa. Hamı qalxır ayağa. Rüstəm bəy, Səməd Vahid və Zivər xanım dəsmallarını üzlərinə basıb, yavaşca ağlayırlar. (Gülbahar mat-mat baxır gah anasına tərəf, gah çölə tərəf). M i r z ə M ə h ə m m ə d ə l i (avaz ilə). Əlhəmdülillahi-rəbbil-aləmin. Ərrəhmanir-rəhim, maliki yövməddin…. -Pərdə salınır və Mirzə Məhəmmədəlinin oxumağını kəsir.* * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-anamin-kitabi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.