Danabaş kəndinin müəllimi Cəlil Məmmədquluzadə (1869–1932) Danabaş kəndinin müəllimi Komediya, 4 məclisdə Əhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində. * * * Birinci məclis Danabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir. Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi? Məşədi Ağakişi (təəccüblü). Nə danışırsan? Əsəd vəldən yenib kəndə tərəf baxır. Kərbəlayı Mirzalı. Sən öləsən, nəçərnik də gəlib, silisçi də gəlib, qazı da gəlib, miravay sud gəlib, uşqol gəlib. Atamın goru haqqı doğru deyirəm. Hələ bunlardan savayı genə çox adam gəlib. Məşədi Ağakişi (əlini alnına qoyub kəndə tərəf baxır). A kişi, belə şey olmaz?! Nuru (tövşüyə-töyşüyə çatır xırmana). Sən öləsən, Məşədi Ağakişi kənddə qiyamətdi. Mən, doğrusu, dayana bilmədim; gedirəm görüm uşaqlar nə qayırır. Nəçərnik gəlib kəndə. Yenicə də o qədər böyük gəlib ki, lap məhtəl qalmalı işdi. Allah axırını xeyir eləsin. (İstəyir getsin). Məşədi Ağakişi (Nuruya). Nuru, sən Allah, dayan görüm bu nə işdi. Yəni axı kimdi kəndə gələnlər? Nuru. Sən öləsən, Məşədi Ağakişi, mən deyirəm Rusetdə nə qədər böyük adamlar var, hamısı gəlib kəndə. Bax, nəçərnik də gəlib, pristav da gəlib, silisçi də gəlib, spextor da, qazı da... Nə bilim, uçqoldu-nədi, o da gəlib. Yəni doğrusunu deyim ki, mən öz gözümnən görmədim ha! Bunları da mənə Məşədi Yarməhəmməd dedi; amma mən ancaq uzaqdan gördüm ki, bir topa atdı çaparaq girdilər kəndə. Kərbəlayı Mirzalı. A kişi, necə Məşədi Yarməhəmməd dedi? Niyə, mən kor deyiləm ki? Yoxsa nəçərniki tanımıram? Silisçini tanımıram? Mən özüm hamısını gözümnən gördüm. Hümmətəli (əlində çubuq tələsik gəlir bu adamların yanına və üzünü tutur Nuruya və Kərbəlayı Mirzalıya). Nə xəbərdi? Deyirlər kəndə ğoburnat gəlib? Kərbəlayı Mirzalı. Yox, ğoburnat deyil, nəçərniknən çox böyük adamlar gəlib. Nuru (Kabla Mirzalıya). Kabla Mirzalı, axı mən eşitdim ki, ğoburnat özü də gəlib? Kərbəlayı Mirzalı. Xeyr, ğoburnat yalandı. Məşədi Ağakişi. Allahü-əkbər, çox qəribə işdi! (Əsədə) Ədə, qoyma, qoyma! Kor deyilsən ki! Öküzlər küləşi yedilər. (Əsəd qaçır öküzlərin yanına). Kərbəlayı Fətəli (tələsik gəlib soruşur). A kişi, bu nə xəbərdir? Deyirlər kəndə çox böyük gəlib? Nuru (gedə-gedə). Gəlib, gəlib. Allah axırını xeyir eləsin (çıxıb gedir). Kərbəlayı Fətəli. Kabla Mirzalı, deyirlər kəndə saldat qoyacaqlar, ağlın nə kəsir? Kərbəlayı Mirzalı. Vallah, məhtəl qalmışam. Axı bu qədər adam nə səbəbə birdən tökülə kəndə? Adamlar hamısı kəndə tərəf baxır. Hələ bir şey görsənmir. Allaha pənah. Bir qədər də baxaydan sonra kəndlilər gəlib çömbəlirlər tayanın kölgəsində. Məşədi Ağakişi. Kabla Mirzalı, gəlin oturun görək bir; axı sən bu işləri gərək bizdən yaxşı biləsən. Bu böyüklər nədən ötrü kəndə gəlsinlər? Bəlkə saldat tutacaqlar? Axı qabaqlarda bir belə danışıq var idi. Hümmətəli. A kişi, yox, yox; saldat söhbəti yoxdu. Görəsən, niyə gəliblər? Saldat söhbəti yoxdu. Məşədi Ağakişi. Kabla Mirzalı, sən nə deyirsən? Mən axı qorxuram saldat tutmaq məsələsi ola. Bə niyə ermənilərdən tuturlar? Kərbəlayı Mirzalı. A kişi, sən Allah boş-boş danışma; bilmədiyin sözü axı nə səbəbə danışırsan? (Üzunü tutur Əsədə). Ədə Əsəd, get o bardaqda su var, gətir, bir az içək. (Kişilərə). Saldat-zad söhbəti yoxdu; indi Allah bilir niyə gəliblər? Saldat məsələsi yoxdu və bir də (Əsəddən bardağı alıb çəkir başına) və bir də müsəlmanlardan saldat tuta bilməzlər. Məşədi Ağakişi. Yəni necə tuta bilməzlər? Kərbəlayı Mirzalı. Xeyr, tuta bilməzlər; mən sənə deyirəm ki, tuta bilməzlər. Sən ermənilərə baxma ki, ermənidən tuturlar. Erməni qorxaq bir millətdi və bir də padşahı-zadı yoxdu. Amma müsəlmandan tuta bilməzlər. (O tərəfə-bu tərəfə baxır). Xeyr, tuta bilməzlər. Hümmətəli. Kabla Mirzalı, səni Quran, səni kitab, bu sözləri buraxın getsin; qoyun oturmuşuq, oturaq. Məşədi Ağakişi. Doğrusu, lap mat qalmalı işdi. Belə mən ona təəccüb eləmirəm ki, nəçərnik, yainki pristav gəliblər kəndə. Axı biz uşaq deyilik. Biz görmüşük ki, kəndə nəçərnik də gəlib, pristav da gəlib, hətta ğoburnat da gəlib, silisçi də gəlib; amma söz burasındadır ki, bu qədər adam niyə elə bir gündə gəliblər? Belə şey, doğrusu, biz görməmişik. Kərbəlayı Mirzalı. Mən onu demirəm; o hələ özgə məsələdi. Mən deyirəm ki, burada saldat-zad söhbəti yoxdu; çünki, axı bir dəqiqəliyə belə fərz edək ki, bəli, saldat tutmaqdan ötrü gəliblər; bəs qazı niyə gəlib? (Əlindəki çubuğu bir dəfə vurur yerə). Bəli, nə eybi var, tutaq ki, qazını da gətiriblər ki, çamaatı dilə tutsun; öyüd-nəsihət eləsin ki, iş yumşaqlıqnan keçsin. Çox yaxşı, bəs silisçi niyə gəlib? (Ağacı vurur yerə). Bəs spextır niyə gəlib? (Ağacı vurur yerə) Uşqol niyə gəlib? Xeyr, burada özgə bir mətləb var. Hər nə isə, Allah axırını xeyir eləsin. (Durur, kəndə tərəf baxır, yenə oturur). Hümmətəli. Xeyr, saldat tutmaqdan ötrü deyil; yəqin ki, özgə işdi. Məşədi Ağakişi (üzünu tutur Hümmətəliyə). Balam, bu qədər tapmaca deyincə, bir adam qaçsın, kənddən xəbər gətirsin. Vallah nə var ki! Adamı yeməyəcəklər ki, bir dəqiqəlik işdi. Kərbəlayı Mirzalı. Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngülayaqsan; gələsən qaçıb bir xəbər gətirəsən. Hümmətəli. Mən, doğrusu, gedərdim; amma xirmənimiz sahibsizdir, qoyub gedə bilmənəm. Məşədi Ağakişi. A balam, getmirsən, getmə; ta yalan niyə deyirsən? Odu, xirməninizi Həsənəli döyür; ta yalan niyə deyirsən? Bir yolluq de ki, getmirəm, qorxuram. Hümmətəli (Məşədi Ağakişiyə). Yaxşı, bir saatlığa tutaq ki, mən qorxuram; mən boynuma alıram ki, qorxuram. Bəs sən niyə getmirsən? Sənin qıçların ki çolaq deyil! Məşədi Ağakişi bu sözlərə çavab verməyib, başlayır çubuğu və kisəni cibindən çıxardıb doldurmağa. Kərbəlayı Mirzalı (uzaqda bir qaraltı görub əlini qoyur alnına). Ədə, kənddən bir atdı çıxdı, gör zalım oğlu nə çapır! Görək hara gedir. Hümmətəli (baxır uzağa). Budu, bir atdı da onun dalıyca getdi, bunlar yəqin adam axtarırlar. Məşədi Ağakişi (baxır uzağa). Kabla Mirzalı bu nə iş ola? Kərbəlayı Mirzalı. Pənah Allaha. Hümmətəli (baxır uzağa). Kabla Mirzalı, atlılar sürdülər düz Hacı Namazalının xirməninə. Məşədi Ağakişi (baxır uzağa). Siz öləsiz, düz Haçı Namazalının xirməninə sürdülər. Kişinin halını qatacaqlar. Hümmətəli (haman tərəfə baxır). Siz öləsiz, elədi. Bax, o da Hacı Namazalı özüdü; papağının ucalığı burdan da görsənir. Ədə, kişini qatıblar atın qabağına, aparırlar. Kişinin evi yıxıldı. Məşədi Ağakişi. Elədi, elədi. Kərbəlayı Mirzalı. Balam, kişinin çarxı çönüb. Bir həftə deyil ki, arvadı öldü; hələ yasdan başı ayılmayıb; indi də görəsən başına nə iş gələcək. Hümmətəli (uzada-uzada). Bəli, bu iş ayrı işə oxşayır; burada yəqin ki, bir əngəl var. Məşədi Ağakişi. Kabla Mirzalı, axı deyəsən, atdıların biri bizə tərəf çöndü? Hümmətəli (xirməndən uzaqlaşır). Siz öləsiz, bizə, tərəf gəlir. Kərbəlayı Fətəli, Kərbəlayı Mirzalı və Hummətəli üçü də atlı gələn səmtə baxa-baxa çıxıb gedirlər. Əsəd qaçır, özünü soxur tayanın dibinə. Məşədi Ağakişi gedib çıxır vəlin ustə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə. Məşədi Ağakişi (Əsədə). Bala, qorxma, inşallah bir zad olmaz. Əsəd (titrəyir). Dədə, qorxuram məni saldat aparalar! Məşədi Ağakişi. Bala, qorxma, Allah kərim Allahdı. Yüzbaşının çavuşu Nəzərəli at üstə, çaparaq yetişir xırmana, atını sürür düz Məşədi Ağakişinin yanına, atdan tullanır yerə, əlindəki şallağı qalxızır göyə ki, Məşədi Ağakişini vursun, amma Məşədi Ağakişi cəld əlini uzadıb, yapışır şallağın sapından. Əsəd ağlayır. Əsəd (ağlaya-ağlaya). Vay, dədə! Məşədi Ağakişi (çavuşa). Vurma, vurma! Nəzərəli, qadan alım, vurma! Nəzərəli (Əsədi görcək ona tərəf). Çıx ordan, bu saat gəl, düş qabağa, vələdüzzina oğlu vələdüzzina! Əsəd qorxa-qorxa gəlir Nəzərəliyə tərəf. Nəzərəli (Məşədi Ağakişiyə). Gəl oğlunu sal qabağa gedək! Məşədi Ağakişi qorxusundan bir söz deməyib, arxalığını tələsik geyir; oğlunun arxalığını verir ona və düşür yola. Amma öküzləri yada salıb, istəyir dayana, bir söz deyə, Nəzərəli genə şallağı qalxızır yuxarı. Məşədi Ağakişi (Nəzərəliyə). Yox, yox! Vurma! Gedirəm. Üçü də yola düşür. Əsəd qolunu üzünə basıb, yavaş-yavaş ağlayır. Nəzərəli hələ atını minməyib yedəyində çəkir. Məşədi Ağakişi Nəzərəli, səni and verirəm Allaha, həyə Əsədi saldat aparacaqlarsa, bir yolluq de ki, evim yıxıldı. Nəzərəli (yenə şallağı qalxızır yuxarı). A kişi sənə deyirəm dayanma get! Məşədi Ağakişi. Yox, yox, gedirəm, gedirəm (Gedirlər). Pərdə * * * İkinci məclis İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə. Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi. Qazı (bir qədər qabağa gəlib, qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb). Əlhəmdü lillahil-əhədil-vahidil-mütəqəddəsi min külli ziddin və niddin. Əlhəmdü lillahil-ləzi hüliyə ənbiyaəlmürsəlin bi-əhsəni hilyətil-müttəqin, fə-sələvatüllahi-əleyhi və əleyhim ədədi ənfasil-müsəbbihin minəl-məlaikəti vənnasi əcməin və lənətüllahi əla ədaihim məlaüs-səmavat vəl-ərzin. Allahümərfəzikri və əəl şəni və əizzəti bi-əzzətikə və əkrimii bikərəmikə beynə yedəykə və beynə xəlqikə və lənətüllahi əla-qövmiz-zalimin, amin ya rəbbəl-aləmin! Bə çün qüdrəti-kamileyi cəhan afərin bəabadaniyiməmaliki-məhruseyi-Rusiyyə təəllüq girift, şəhriyari-cəvan bəxt varisi-tacü təxt şahani-cahangüşay, xülaseyi-səlatini-namdar sülaleyi-Romanof sədrüs-səlatin, bədrül-xəvaqin, zillüllahi fil-ərzin, əssultan Nikolay Aleksandroviç əz on cayi ki, əz cüzi və külli hiç əmri əz ümuri-xudra məaf nəmidarəd, binayi-təlimxaneyi ki, ibarət bəistillahi-rus uşqolayi-qəryeyi-vilayəti Danabaş istiqrar və istikşaf mifərmayənd. “Amin” deyən dillər lal olmasın. Camaat (birdən). Amin!.. Qazı. Köməklik istərik cəmi işlərdə Allahın adı ilə ki, mehribandır… Camaat (birdən). Amin!.. Qazı. Cəmi məxluqata lazım olan nemətləri rəhm edəndir… Camaat (birdən). Amin! Qazı. Göydə Allahın və yerdə padşahi-mehribanımızın zəhmət və şəfəqqətinə möhtacdır cəmi ərbab və zərurat!.. Camaat (birdən). Amin. Qazı. Sələvat və səlam ola göylərin padşahına ki, ərrahmanir-rəhimdir və yerlərin padşahı şəhri-yari-xurşid-ayət Nikolay Aleksandroviçə. Camaat (birdən). Amin!.. Qazı. Onun xatuni-mükərrəməsi Aleksandra Fyodorovnaya! Camaat (birdən). Amin!.. Qazı. Vəliəhdi-əflatuni fitnət Sergey Aleksandroviç və cəmi övladi-əmcadına və xanəvadeyi-şahanəsinə!.. Camaat (birdən). Amin!.. Qazı. Bari-ilahi, hifz elə yerin-göyün afatından bizim alicənab, mehriban nəçərnik həzrətlərini, alimiqdar spexdur ağanı və cəmi ümənayi-ümurati-səltənəti duayi-xeyir ilə yad edək. Vəllahü vəliyyət-tövfiq, amin! Camaat (birdən). Amin!.. Qazı kənara çəkiləndən sonra Naçalnik dilmanc Mirzə Məhəmmə dqulunu yanına çağırıb, üzünü tutur camaata. Naçalnik. Zabota ob obrazovanii poddannıx vxodit v zadaçi vsyakoqo blaqoustroennoqo qosudarstva, a potomu vo ispolnenie predpisaniya, Eqo prevosxoditelstva naçalnika qubernii ot… (qoltuğundakı portfeldən bir kağız çıxardır, baxır) 17 maya 1895 qoda za №14365 ya postavlen v neobxodimost okazat administrativnoe sodeystvie. Eqo Vısokorodiyu (üzünü inspektora tutur) qospodinu inspektoru narodnıx uçiliş kolledjskomu sovetniku İvanu Evlampieviçu Duxotvortsevu, na kotoroqo Direktsiya narodnıx uçiliş vozlojila vısokuyu missiyu otkrıtiya odnoklassnoqo zemskoqo normalnoqo uçilişa v selenii Danabaş. Vçemje uezdnım, uçastkovım i selskim doljnostnım litsam na strojayşe vmenyayu obyazannost k pervomu çislu predstoyaşşeqo sentyabrya mesyatsa obespeçit novootkrıvaemuyu şkolu dostatoçnım komplektom detey mujskoqo pola, a pristavu çetvertoqo uçastka svoevremenno donesti mne o rezultatax prepodovaemoy nıne mnoy slovesnoy instruktsiy (Naçalnik nitqini qurtaran kimi yüzbaşı Pirverdi bəy çığırır). Pirverdi bəy. Yaşasın nəçərnik ağa! Camaat (birdən). Yaşasın! Dilmanc Mirzə Məmmədqulu. Ey Danabaş kəndinin camaatı! Qulaq asın, görün nə deyirəm. Bilirsiniz naçalnik cənabları nə fərmayiş edir? Buyururlar ki, Danabaş kəndinin çamaatı hələ indiyə kimi qaranlıq aləmində qalıblar. Naçalnik həzrətlərinin sizə rəhmi gəlib və bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib, bu xəyal ilə ki, burada, bu gün bir uşqol binası qoya və bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda, işıqlıq aləminə daxil eləyə. Bə bir də, ey camaat, bunu da bilin və eşidin ki, yer üzündə pərvərdigari-aləm nə qədər şəhərlər və kəndlər xəlq edib hər nə qədər vilayətlər yaradıb, onlar cəmisi elmin sayəsində çoxdan işıqlıq aləminə daxil olublar; məhz qalıb Danabaş kəndi. İnşaallah, əgər xudavəndi-aləmin lütf və mərhəməti olar, naçalnik cənabları burada bu gün bir darülelm binası qoyar, ta ki, sizi bu darülfünunda təhsil olunan fünunun vasitəsilə işıqlıq şərbəti içib, mədəniyyət aləminə daxil olasız. Molla Movlamverdi (bir qədər qabağa gəlib). Ey cəmaətiqəryeyi-Danabaş! Bizə hamılıqnan lazımdır hər gün və hər gecə ibadət vaxtında bari-pərvərdigarə həmd və səna edək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətə belə hakim təşrif gətirib ki, ibarət olsun bizim cənab nəçərnik ağadan və spextır ağadan. Bu özgə bir şey deyil, məgər ki, Allah-taalanın bizə lütfü mərhəməti. Yaşasın nəçərnik ağa! Camaat (bir səs ilə). Allah ağaya ömür versin. İnspektor (yeriyir qabağa və rusca deyir). Milostivıe qosudari! V seqodnyaşniy den ya sçitayu sebya sçastlivım, çto stoyu pered vami, danabaşinstami i prinimayu s vami blizkoe uçastie v stol velikom prazdnestve, kak otkrıtie novoy şkolı, etoqo deystvitelnoqo fermenta kulturı i sivilizatsii. Ya vam zaviduyu, ibo ne popal detstvom svoim v tot pedaqoqiçeskiy mir, koqda pedaqoqika i pedaqoqiçeskaya psixoloqiya sdelali krupnıe şaqi i nametili, izuçiv vse ziqzaqi detskoy psixoloqii, dvijeniy eqo duşi, vernıe puti pravilnoqo, rasionalnoqo, selesoobraznoqo, vospitıvayuşşeqo, eqo obuçeniya, koqda vse priemı posledneqo vo vsex detalyax eqo vıvodyatsya leqko iz printsipov i polojeniy eksperimentalnoy pedaqoqiki i psixoloqii, ponimaya eto poslednıe v şirokom i blaqorodnom smısle etoqo slova. Uvajaemıe danabaşintsı, vı seqodnya v prazdniçnom nastroenii, i radost vaşa velika i ponyatna; ibo dlya vas vaşa davnişnyaya, davnojelannaya meçta seqodnya vılivaetsya v formu realnoqo fakta. Da, vı sçastlivı seqodnya, imenno s seqodnyaşneqo dnya, koqda pedaqoqi, boleya duşoy vmeste s vami, izıskali, nakonets, porazitelno tonkiy metod obuçeniya, tonkiy do toqo, çto vsyakaya i kajdaya abstraktnost , otvleçennost, krasivo pravilno odevaetsya v konkretnost; yavlyayas svoeqo roda laboratoriey dlya priqotovleniya soznatelnıx qrajdan rodinı i vernıx poddannıx qosudarstva, ona – eta şkola, v to je vremya vıvedet vaşix detey iz kruqa kosneyuşix v nevejestve i priobşit ix k obşey mirovoy kulture. Ona razvyajet im yazık i vvedet v mir qosudarstvennoy jizni, nauçiv ix qovorit i ponimat vsyakoqo russkoqo, vsyakoqo adminstratora, proxodyaşeqo çerez selo soldata, da, soldata... “Saldat” sözünü eşitcək Məşədi Ağakişi yavaşca yapışır oğlu Əsədin əlindən və xəlvətcə çamaatın içindən çıxardıb aparır. Habelə burada olan kəndlilərdən Kərbəlayı Qulamalı oğlu Mustafanı xəlvətcə aparır və Məşədi He ydər oğlu Nəcəfi aparır. Kəndlilər də “saldat” sözündən təşvişə düşüblər. Məşədi Ağakişi gedəndə çavuş Nəzərəliyə xəlvətcə nə isə deyir... …perebroşennoqo iz dalnix quberniy Velikoy Rossii k vam v çelyax oqracdeniya vaşix interesov. Zakançivaya svoyu reç, prinoşu vam svoe pozdravlenie. Naçalnik (yüzbaşıya). Çto je, spisok malçikov uje qotov? Mirzə Məhəmmədqulu (yüzbaşıya). Hazırdırmı uşaqların siyahisi? Pirverdi bəy kağızı aparıb verir naçalnikə, o da verir Mirzə Məhəmmədquluya. Naçalnik (Mirzə Məhəmmədquluya). Perevodçik, oqlasite etot spisok. Mirzə Məhəmmədqulu. Camaat, bu gün cənab naçalnikin hökmü mocibincə burada bir siyahi qərar verilib; hər kəsin ki, uşkolaya göndərməli oğlu var, bu siyahidə namizəd olunub ki, ibarət ola zeyldəki əhalidən: əvvələn, Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu. Kərbəlayı İmamqulu çıxır qabağa və iki qat baş yendirir. Mirzə Məhəmmədqulu Kişi, bu saat Zeynal oğluvu gətir naçalnikin hüzuruna. Kərbəlayı İmamqulu (üzü naçalnikə və iki əli döşündə). Ay nəçərnik ağa, belə qurban olsun sənə mənim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nəinki saldatlığa verərəm, mən onu qurban da kəsərəm. Amma Zeynalın yeddi yaşı hələ tamam olmayıb, bunu camaat da bilir. Onun nə ləyaqəti var gedib saldatlıq eləsin, tüfəng götürsün? Mirzə Məhəmmədqulu (təəccüblü və acıqlı). A kişi, nə danışırsan? Saldat nədi, tüfəng nədi? Hansı müfsidlər sizi başdan çıxardıblar? Oğlun oxuyub adam olacaq, mərifət sahibi olacaq. Dəli deyilsən ki, bu sözləri danışırsan? Bizi məəttəl eləmə; bu saat get, oğlunu gətir, yoxsa peşman olarsan. Camaat içində qalan, bir-iki uşaq da yox olur. Kərbəlayı İmamqulu bir qədər fikir eləyib, çıxıb gedir. Mirzə Məhəmmədqulu (siyahını oxuyur). Kabla Heydər Kabla Kazım oğlu (Kərbəlayı Heydər qabağa gəlib baş əyir). Bu saat oğlun Süleymanı gətir cənab naçalnikin hüzuruna. Kərbəlayı Heydər. Ağa ərzim var. Mirzə Məhəmmədqulu (acıqlı). Kabla Heydər, qonaqları məəttəl eləmə, bu saat oğlunu gətir; yoxsa naçalnik cənablarının o qədər vaxtı yoxdu ki, sizin nağıl-hekayələrinizə qulaq versin. Kərbəlayı Heydər yavaş-yavaş çıxır. Mirzə Məhəmmədqulu (siyahını oxuyur). Məşədi Ağakişi Qasım oğlu. (Məşədi Ağakişi gəlir qabağa). Oğlun Əsəd buradadırmı? Məşədi Ağakişi. Xeyr, ağa, mənim oğlum Əsədi bu saat yorğan-döşəkdə qoyub gəlmişəm; bax, çavuş Nəzərəli də Allah şahididi. (Çavuş Nəzərəliyə göz eləyir). Mirzə Məhəmmədqulu (oxuyur). Kabla Qulamalı Yərməhəmməd oğlu. Camaat içindən Kərbəlayı Qulamalı qabağa gəlib baş əyir. Mirzə Məhəmmədqulu. Oğlun Mustafa haradadır? Kərbəlayı Qulamalı. Ağa, mənim oğlum yoxdur. Kəndlilərdən bir neçəsi gülüşür və bir-birinin üzünə baxır. Mirzə Məhəmmədqulu (təəccüblə). Necə yoxdu? Bəs Mustafa adlı sənin oğlun yoxdu? Kərbəlayı Qulamalı. Xeyr, ağa, sözüm var. Ərz olsun ki… Yüzbaşı Pirverdi bəy daldan gəlib Kərbəlayı Qulamalının peysərindən bir yumruq salıb deyir: Pirverdi bəy (Kərbəlayı Qulamalıya). Bu saat oğlun Mustafanı get gətir cənab nəçərnikin hüzuruna! Kərbəlayı Qulamalı kor-peşman çıxır gedir. Mirzə Məhəmmədqulu (siyahiyə baxır). Məşədi Fərəculla Məşədi Murtuza oğlu. Bir cavab gəlmir və ortalığa bir səs çıxmır. Yüzbaşı təşvişə düşüb camaata göz gəzdirir. Pirverdi bəy (Mirzə Məhəmmədquluya). Cənab Mirzə, Məşədi Fərəculla özü bir qoca kişidi; elə bilirəm ki, bu gün heç kənddə də deyil. İki ulağı var, çarvadarrıx eləyir. Adam göndərərəm, bu saat oğlunu gətirərlər. (Nəzərəliyə). Ədə, Nəzərəli, qaç bu saat Məşədi Fərəcullanın oğlu Cəfəri tap gətir bura. Ədə, özünü gözlə, yaman sərp itləri var, səni tutarlar. Naçalnik (Mirzə Məhəmmədquluya). Çto je, poka ni odnoqo malçika net na litso? Mirzə Məhəmmədqulu. Yüzbaşı, sənin üçün çox eyib olsun ki, neçə saatdır biz burada məəttəlik, sən bu yekəlikdə kənddən burada indiyə kimi bir uşaq hazır eləməmisən! Bəs sən necə yüzbaşısan? Cənab naçalnik səndən bərk narazıdır. Bu sözlərdən sonra yüzbaşı və çavuş Nəzərəli başlayırlar kəndliləri şallaq ilə vurmağa və vura-vura deyirlər: get, bu saat uşağını gətir, yoxsa dərini soyaram! Bu heyndə araya iki uşaq gətirirlər. Kənarda ağlaşma səsi gəlir. Həmin iki uşağın anaları “bala vay!” deyib ağlayırlar. İki kişi, həmin uşaqların ataları, uşaqların əllərindən tutub yavaşca ağlayırlar. Ruslar təəccüblü baxırlar. İnspektor (gedib uşaqların üzlərini əlləyir). Vot xoroşie malçiki. Molla Movlamverdi. Ay bacılar, ay qardaşlar! Axı sizin ağlamağınız bicadır; səbəb bu ki, uşaqlarınıza heç bir cəhətdən afət yetişməyəcək, savayı ondan ki, inşallah, xudavəndi-aləmin lütfü mərhəməti olsa, elm təhsil edib, nurani aləminə daxil olmaqla feyziyab olacaqlar. Allah-taala öz birliyi xatirəsi üçün sizə səbr versin. Müəllim Həsənov (camaata). Cəmi millətlərin təlaşı bu olubdur ki, obrazovanya tapsınlar, obrazovannı olsunlar; amma siz hələ indiyə kimi gör nə qədər dalda qalmısız ki, nə qədər nevecestvennisiz ki, bir surətdə bunu hələ anlamamısınız ki: uçenie svet, ne uçenie tma. İnspektor. Vot, vot, soverşenno verno! Hacı Namazalı (yeriyir qabağa və Mirzə Məhəmmədquluya). Cənab Mirzə, ağalara ərz elə nahar hazırdı, buyursunlar otağa; ta qalan uşaqlar da nahar qurtarınca cəm olsunlar. Mirzə Məhəmmədqulu naçalnikə yavuq gəlib, ona alçaqdan bir neçə söz deyir və həmçinin qeyri qonaqları da otağa dəvət edir. Naçalnik, inspektor, qazı, Molla Movlamverdi, pristav və bunların dalınca Hacı Namazalı gedirlər. Camaat tökülür Pirverdi bəyin üstünə və başlayır yalvarmağa; biri deyir: “Aman günüdü, oğlumu azad elə”, biri deyir: “Oğlum naxoşdu, siyahidən pozdur”. Övrətlər ağlaşır və bu övrətlərin yanına bir neçə də çarşovlu övrət gəlib ağlaşırlar. Kişilərdən də ağlayan var. Səs-küy çoxalır, çamaat qarışır bir-birinə. Pirverdi bəy və Nəzərəli gahdan bir bəzi kəndlilər ilə pıçıldaşırlar və habelə bəzilərini də şallaq ilə vururlar. Həmin qışqırıq ilə pərdə salınır. Pərdə * * * Üçüncü məclis Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir. Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır). İkinci arvad. Balamı uşqol aparacaqlar, bala vay! (Arvadlar ağlaşırlar). Üçüncü arvad. Balamı uçtel aparacaqlar, bala vay! (Ağlaşırlar). Dördüncü arvad. Balamın üzünə həsrət qalaçağam, bala vay! (Ağlaşırlar). Beşinci arvad. Bais, evin dağılsın, bala vay! Qasım kişi (arvadlara). Balam, ağlamayın, Allah kərimdi. Küçə qapısı açılır. Məşədi Ağakişi qabağında oğlu Əsəd, tələsik girirlər həyətə. Qapını daldan bağlayır, oğlunun əlindən yapışıb gətirir və o tərəf – bu tərəfə baxır. Şaban nənə yerindən durub gedir nəvəsi Əsədi qucaqlayır. Qasım kişi (nəvəsi Əsədə). Bala, səni necə bəs buraxdılar? Şaban nənə. Nənən qadanı alsın, bala. Bəs səni necə buraxdılar? Qurban sənə, dahı bir də aparmayacaqlar ki? Buy, Allah, mənə ölüm göndər! Məşədi Ağakişi (hövsələsiz və alçaqdan). Dinmə, dinmə! Səsini çıxartma. (Əsədə) Gəl, gəl, tez ol! (Belə deyə-deyə aparır Əsədi kərmə qalağının qabağına). Gir, gir sənə deyirəm! Durma, gir! (Əsəd özünü soxur qalağın içinə, Məşədi Ağakişi yenə ətrafa baxıb, bir yastı daş tapıb gətirir dayayır qalağın ağzına və üzünü tutur arvadlara). (Alçaqdan). Bax, səs-küy eləməyin. Sizə mən tapşırıram ki, səs-küy çıxartmayın. Arvadlar üzləri örtülü, dallarını çevirirlər Məşədi Ağakişiyə və başlayırlar Şaban nənə ilə pıçıldaşmağa. Şaban nənə (oğluna). Ağakişi, bala, sən Allah bir de görüm Gülcahan xalaqızımın nəvəsi Süleyman və bir də Xansənəm bacının... Məşədi Ağakişi (arvadın sozünu kəsir, əlini ağzına basıb alçaqdan). Arvad, kəs səsini sənə deyirəm! Danışma. Qasım kişi (arvadlara). Balam, səs-küy eləməyin. Küçə qapısı döyülür. Məşədi Ağakişi qaçıb gizlənir. Qapı bir də bərk döyüləndən sonra Məşədi Ağakişinin qonşusu Kərbəlayı Qulamalı küçədən həyət divarına dırmaşıb, oğlu Mustafanın əlindən yapışıb, qalxızır divarın üstə; hər ikisi düşürlər həyətə. Məşədi Ağakişi çıxır bunların qabağına, tez gedib yapışır Mustafanın əlindən və aparıb soxur həmin kərmə qalağına. Eləcə bunu da qat qalağa. Arvadların biri, yəni Mustafanın anası üzüörtülü sevincək qaçır oğlunun yanına. Məşədi Ağakişi uşaqlara “sus” deyib, yenə yastı daşı qoyur qalağın ağzına. Kişilər çəkilib, divarın kölgəsində oturub, çubuqlarını ciblərindən çıxardırlar doldursunlar. Qalan arvadlar həzin-həzin ağlaşırlar. Yenə küçə qapısı döyülür; yenə Məşədi Ağakişi və Kərbəlayı Qulamalı yerlərindən qalxıb girirlər evə. Qapı, yenə bərk döyüləndən sonra, divara dırmaşır Kərbəlayı Heydər. Bu da oğlu Süleymanı küçədən divara dırmaşdırıb yendirir həyətə. Qasım kişi. Eləcə bunu da qatın qalağa. Məşədi Ağakişi və Kərbəlayı Qulamalı bu uşağı da qatırlar qalağın içinə. Kişilərin üçü də çubuq çəkməyə məşğul olur. Zərbəli (divarın çatdağından deyir, amma üzü görükmür). Məşədi Ağakişi, uşaqları niyə kərmə qalağında gizlədirsən? Sən öləsən bu saat gedib uşqola xəbər verdim. (Kişilərin üçü də hövlnak ayağa qalxıb təəccüb ilə baxırlar). Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu saldat yazdırın, öz uşaqlarınızı da kərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? Neylək, heç eybi yoxdu. Məşədi Ağakişi (yalvarır). Ədə, Zərbəli, mən ölüm ucadan danışma. Hansı həpənd sənin oğlunu yazdırıb? Ədə, mən ölüm yavaş danış, aman günüdü. Qasım kişi (Zərbəliyə). A balam, Zərbəli, boşla qoysun getsin. Zərbəli (çatdaqdan). Bə siz yazdırmamısınız, nəçərnik mənim oğlumun olmağını haradan bilirdi? Heylədi, elə biz bədbəxt musurmana quyu qazan elə öz musurmanımız olur. Bir deyin görək, mənim oğlum saldat gedəndə, görək sizin cibinizə bir şey girəcək, ya döşünüzə medal asacaqlar? Kərbəlayı Qulamalı (Zərbəliyə). Ədə, dəli olma. Balam, xalqa baiskarlıq eləmə. Hansı atasından xəbəri olmayan, anasının əmcəyini kəsən sənin oğlunu yazdırıb? Mən ölüm, Zərbəli, bu danışıqları boşla, get işinə! Nəzərəli çavuş (qabaqca küçə qapısını döyür, sonra divarın üstündən yavaşca deyir). Məşədi Ağakişi, Məşədi Ağakişi! Durma uşaqları bu saat göndər xirmənə, yoxsa yüzbaşı uşkolnan bir yerdə evləri gəzirlər. (Nəzərəli bu sözləri deyib, yox olur). Məşədi Ağakişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər qaçıb qalağın ağzından daşı götürüb uşaqları çıxardırlar və deyirlər: “Qaçın xirmənə! Qaçın xirmənə!”. Uşaqların üçü də çıxıb qaçırlar. Qasım kişi (uşaqların dalınca). Bala, bir az qıvraq qaçın, əldən çıxın... Şaban nənə (Əsədin dalınca). Nənə sənə qurban, Əsəd bala. Küçə qapısı döyülür. Nəzərəli çavuş qapının dalından səslənir. Nəzərəli. Məşədi Ağakişi! Aç qapını, yüzbaşıynan uşqol sizə gəlirlər. Məşədi Ağakişi gedib qapını açır, həyətə daxil olurlar: yüzbaşı Pirverdi bəy, əlində şallaq, Uçitel Həsənov, Molla Movlamverdi, Nəzərəli çavuş əlində şallaq və bir neçə kəndli. Çamaat gəlib düzülür həyətin ortasına. Pirverdi bəy (Məşədi Ağakişiyə). Məşədi Ağakişi, yaxşı qulaq as, gör nə deyirəm. Sizə məlumdu ki, mən on yeddi ildi ki, istəkli padşahımıza ixilas ilə qulluq eləyirəm. Və bir dəfə də olmayıb ki, mən dövlət yanında başı aşağı olum. Və bunu siz yaxşı bilirsiniz. Mən indi də razı olmanam ki, hər yanda danışalar ki, nəçərnik ağa gəlib Danabaş kəndində bir uşqol açdı, amma danabaşlılar yüzbaşı Pirverdi bəydən (özünü əli ilə nişan verir) qorxmadılar, uşaqlarını uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər. Camaatdan bir neçəsi gülüşür. Məşədi Ağakişi. Yüzbaşı, sənin başın üçün kərmə qalağında uşaq yoxdu; bax, bu mənim kərmə qalağım. (Gedir kərmə qalağının yanına). Qasım kişi. Nə eybi var, qoy zəhmət çəkib baxsınlar da! Bəlkə inanmırlar. Nəzərəli çavuş (gedib başını uzadır qalağın içinə). Yüzbaşı, başın üçün qalağın içində uşaq yoxdu. Qasım kişi. Yoxdu, yoxdu. Hər kəs deyibsə, yalan deyib. Şaban nənə (üzü örtülü, dalı camaata tərəf, çarşovlu). Yoxdu, yoxdu. Molla Movlamverdi (Şaban nənəyə acıqlı və ucadan). Kəs səsini, bihəya! Övrət xəlayiqinin kişilər içində danışmağı qəbihdir. Həya lazımdır, həya! Uçitel Həsənov (cibindən bir kağız çıxardır). Camaat, mən cənab inspektorun hökmünə görə ki, direktorun predpisanyası ılə avqustun birindən Danabaş uşqolasına smatritel olmuşam, inspektorun və naçalnikin hüzurunda həmin siyahidəki uşaqların adları və atalarının adları burada yazılıb, iki həftədən sonra uşaqların atalarından xahiş edirəm ki, bir surətdə ki, sizə də bir belə xoşbəxtlik üz verib ki, uşaqlarınız oxuyub adam olacaqlar, mən də fəxr edirəm ki, millətpərəstlik vəzifəmi yerinə yetirib padşahi-mehribanımızın xidmətində qulluq yarıdacağam. Yaşasın padşahımız! Yaşasın inspektorumuz! Yaşasın Danabaş kəndinin camaatı! Qasım kişi (uçitelə). Ay uşqol, axı mən də bir qoca kişiyəm; dünyada mən də azdan-çoxdan yaxşı ilə yamanı seçirəm. Axı, qurban olum sənə, bir məni başa sal görüm, o ki deyirsən uşaqlar oxuyub adam olacaqlar, bir mənə de görüm, necə yəni adam olacaqlar? Axı bu gün yığıncaqda spextırdı-nədi danışırdı, başa düşmədim; amma axı spextır söz arasında ağzından qaçırtdı ki, uşaqlar saldat olacaqlar. Pirverdi bəy. Qasım kişi, bu sözlər bir qəpiyə dəyməz və mən saldat-zad qanmıram; mən buyuruq quluyam. Mənə buyurublar: Sür dərəyə, sür dərəyə. Əgər siyahidəki uşaqlar uşqola gəlməsələr, mən siznən, bax, bu şallağnan danışacağam! (Əlindəki şallağı nişan verir). Uçitel (yüzbaşıya). Xeyr, yüzbaşı, məni bağışlayasınız, mən şallağnan uşaq yığmağın tərəfdarı deyiləm. Pedaqogiya aləminə şallaq yaraşmaz və şallaq gücü ilə verilən dərslərdən bir fayda hasil olmaz. Mən elə qanıram ki, çətini ikicə aydı; elə ki, uşaqlar ikicə ay dərsə gəldilər, onda ataları təzə metodun nəticəsini öz gözlərilə görüb dəxi məktəbdən qaçmayacaqlar. Qasım kişi (uçitelə). Bax, çox əcəb danışırsan, ay uşqol. Allah atana rəhmət eləsin. İndi belə fərz edək ki, mən nəvəmi qoydum gəldi uşqola; sən iki ay deyirsən, mən sənə bir il möhlət verirəm. İndi bir mənə de görüm, bir ildən sonra mənim uşağım nə olacaq? Uçitel. Nə olacaq, tərbiyə tapıb adam olacaq. Qasım kişi. Axı, necə adam olacaq? Mən indi yetmiş ildən artıqdı ki, ömrüm var, indi sənin sözündən belə başa düşək ki, bu burnu fırtıqlı corma-cocuqlar bir ildən sonra adam olacaqlar? Yəni nə zərəri var ki, bizi başa salasan, görək necə adam olacaqlar? Uçitel. Qasım kişi, bağışla, axı uşaqlar bir ildən sonra yazıb oxumaq öyrənəcəklər. Qasım kişi. Nə oxuyacaqlar? Nə yazacaqlar? Uçitel. Çernyayevskinin “Russki reç”ini də oxuyacaqlar, “Vətən dili”ni də zvukovoy metodnan oxuyaçaqlar. Qasım kişi (o tərəf-bu tərəfə baxıb, gözü sataşır Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, o hansı kitabdı? Bilmirəm “Gülüstan”dı-nədi ki, uşaqlara dərs deyirdin. İndi mən bu mətləbləri başa düşmürəm. Sən ki, oxumusan, gəl çavab ver da! Niyə lal-kar kimi durub baxırsan? Uçitel. Yaxşı, Qasım kişi, söhbət bir “Gülustan”da deyil. Tək bir “Gülüstan” oxumaqnan obrazovannı olmaq olmaz. Məsələ, indi götürək Kabla Heydəri, görək indi məsələ üçün Kabla Heydər tablitsa ümnajenini bilir? Və halonki, sizin uşaqlar bir ildən sonra biləcəklər. Kərbəlayı Heydər (uçitelə). Cənab uşqol, üsuliddin çəndəst? (uçitel gülür, kəndlilər də gülürlər). Molla Movlamverdi (uçitelə). Dəxi burada gülməyin mənası yoxdur. Sözdü o kişi soruşdu; əgər bilirsən, çavab ver; əgər bilmirsən, de ki, mən urus dərsindən savayı bir özgə elm oxumamışam. Zira ki, hər bir elm, hər bir təlim və tərbiyə əzhəri minəşşəmsdir ki, insanı öz tərəfinə çəkəcək. Şəriət elmini təhsil edən daim özünü islam bilib, müsəlmançılıq təriqətində saxlayacaq. Xaricilər ilə üns tutanlar, onların dilini oxuyanlar, onların içində tərbiyə tapanlar, başlarına şapqa qoyub üsuliddindən də, füruiddiindən də bixəbər və bibəhrə olacaqlar. Dəxi niyə gülürsüz? Yaxşı deyilmi ki, etiraf edəsiniz? Uçitel. Cənab Molla Movlamverdi, doğrudur, mən şəriət elmlərini oxumamışam, amma güman edirəm ki, mən oxuduğum və bildiyim elmləri də, nəinki Kabla Heydər və bəlkə bağışlayınız, siz özünüz də oxumayıb və bilmirsiniz. Molla Movlamverdi. O hansı elmlərdi? Uçitel. Məsəla, götürək, zoologiyanı. Çəyirtgənin qulaqları bədəninin harasındadır? Kərbəlayı Heydər və kəndlilər gülüşür. Molla Movlamverdi. Pəh, pəh! Bu da mənə elm oldu! Qasım kişi (uçitelə). Ay uşqol, ay uşqol, axı mənim uşağıma çəyirtgənin qulağını bilmək nə lazım və nəyinə lazım olacaq? Sən bu zəhrimar çəyirtgəyə bir çarə tap ki, qırılsın rədd olsun; hər il bir dəfə gəlib taxılımızı yeməsin və bizi ac qoymasın. Sən buna çarə tap; yoxsa tapmacaların mənim uşağıma nə mənfəəti ola bilər? (Öz-özünə mırtdanır). Çəyirtgənin qulaqları nəyimə lazımdır?.. Qadam onun qulaqlarına da, gözlərinə də, qaşlarına da! Çox matah şeydi, hələ durub onu tutub qulaqlarını da axtaracağam ki, görüm haradadı. (Uçitelə). Ay uşqol, bəlkə sən biznən zarafat eləyirsən?.. Kərbəlayı Heydər (gülə-gülə uçitelə). Xub, cənab mirzə, çəyirtgənin qulaqları bədəninin harasındadır? Uçitel. Çəyirtgənin qulaqları dizlərindədi. Camaat gülüşür. Pirverdi bəy (bir az güləndən sonra uçitelə). Ay uşqol, mənə nəçərnik, doğrudur, hökm edib kn, sənə camaat hörmət eləsin, amma mən, doğrusu, razı deyiləm ki, çəyirtgə söhbətləri ilə kəndliləri üstünüzə güldürəsiniz. Əgər sən uşaqlardan ötrü bu qədər başını ağrıdırsansa, heç qorxma və ürəyini gen saxla, bunlara moizə-zad lazım deyil, bunlarınkı, bax, bu şallağdı. (Əlindəki şallağı nişan verir). Molla Movlamverdi (yüzbaşıya). Yüzbaşı, heç eybi yoxdu. Uşaqları, söz yox, Allahın məsləhəti ilə cəm edərik; amma nə eybi var, qoy cənab uşqol oxuduğu elmlərdən bəhs eləsin, qulaq asaq. (Uçitelə). Cənab uşqol, qoy bir söz də mən səndən soruşum: mən şəkk elədim iki ilə üç arasındak; indi mənim təklifim nədi? Uçitel (Mollaya). Axund Molla Movlamverdi, mən ərz elədim ki, mənim vəzifəm uşqolanın proqramını oxudub şagirdlərə attestat verməkdir ki, Danabaş məktəbinin kursunu qurtarandan sonra, xahiş edənlər gedib qorodskoy şkolaya girsinlər və oradan da əgər nəhayət qabiliyyətli və zehinli olsalar, seminariyaya keçib və oranın da elmlərini əxz edib alim olsunlar. İndi, məsələn, bax, bir kəndlidən soruşsan ki, məsələn, iki ilə iki neçə elər, söz yox ki, bilməyəcək; amma, mənim kimi gedib seminariyanı qurtarsalar, onda, məsələn, bir qarpızın içini arşın ilə ölçə biləcəklər ki, indi, söz yox, heç birinizin xəyalına gəlmir. Kəndlilər gülüşür. Kərbəlayı Heydər. Uşqol, doğrusu, biz bunu da başa düşmədik; necə yəni qarpızın içini arşın ilə ölçmək? Uçitel. Kərbəlayı, doğrusu budur ki, mən səni başa sala bilmənəm. Səbəb bu ki, sən mən oxuduğum dili və elmləri bilmirsən; sən seminariya qurtarmamısan. Qasım kişi, Ay uşqol, axı bir insafnan danış. Axı qarpızın içini arşınnan ölçməyin bizə nə mənfəəti? Biz əkinçi rəşbərik. Biz elə həmişə qarpız da əkərik, onu satanda, ya alanda saynan, ya ədədnən alıb satarıq, yainki tarazıya qoyarıq; arşınnan da çiti, bezi ölçərik. Sən yəqin bizim vilayətə nabələdsən, bilmirsən; amma yaxşı olardı, sən bizim kəndə təşrif gətirəndə Şahtaxtından bizə qarpız toxumu gətirə idin. Çünki oraların qarpızı cinslikdə adnandı; yoxsa bizim toxumlar nacinsdi. Əgər bir belə iş eləmiş olsa idin, bizlərə böyük bir yaxşılıq eləmiş olardın; yoxsa, doğrusu, sənin bu qarpız ölçündən də ağlım bir şey kəsmədi. Molla Movlamverdi. Cənab uşqol, sənin təbiri-xab məsailinə etiqadın var? Uçitel. Xeyr, yoxdu. Molla Movlamverdi. Bəli, bəli, işin əsl həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. Yoxsa iş-işdən keçəndən sonra, bədən qartalır, ruh süstləşir, etiqad təğyir tapır və dəxi nicata bir ümid yolu qalmır; o səbəbdəndir ki, həqqi-sübhanə və taala insanı faili-muxtar yaradıbdır və xilqətdə bir hikməti-nabina, bir sirri-yəzdani əlaqədar olubdur ki, məsələn təbiri-xab əsrarında nə qədər icti-hadlar vücuda gəlib ki, bunların inkişafı az bir xoşsəadət bəndələrə müyəssər olur. Srağa gecə bir qatma-qarışıq yuxu gördüm. Hövlnak ayıldım. Belə... təqribən (göyə baxır) nisfi-şəbdən yarım saat keçmiş olardı. Ulduzlara zənn elədim, gördüm ki, səncəncəli-əsğər ulduzları sünbülə bürçünün, bax, bu tərəfindədirlər. (Əlini yumruq şəklində tutub baş barmağını göyə qalxızır). Sonra məni yuxu tutdu. Bir az keçdi, ayıldım baxdım ki, (göyə baxır) haman səncəncəli-əsğər ulduzları indi də sünbülə bürcünün, bax, bu tərəfindədirlər. Siz elə güman etməyin ki, əflakın hərəkatı səbəbsiz və mənasız bir hadisatdır? Xeyr, nəüzi-billah! Kərbəlayı Heydər (uçitelə) hə, uşqol, di cavab ver, nə deyirsən? Niyə dinmirsən? Hanı bəs çəyirtgənin qulaqları? Adamlar gülüşür. Pirverdi bəy (Kərbəlayı Heydərə). Sən hər nə eləyirsən elə, amma bu şallağı yadından çıxartma. Mən bura sizi uşqolnan deyişməyə çağırmamışam; mənə uşaq lazımdı, uşaq! Qasım kişi. Ay uşqol, bu sözlər hamısı keçəndən sonra, bir de görum, axır bizim uşaqlara nə oxudacaqsan? Deyirsən axı “Gülüstan” oxumayacaqlar? Uçitel. Xeyr, “Gülüstan” oxumayacaqlar. Yazıq deyillərmi, uşaqlarınız illər uzunu gözlərini zaye eləsinlər ki, nə var, nə var, biz “Gülüstan” oxumuşuq? Amma təzə zvukovoy metod ilə, yəni üsulisövti ilə Çernyayevskinin “Vətən dili” kitabını bir neçə ayın müddətində oxuyub qurtaracaqlar və əlləri qələm tutacaq. Kərbəlayı Heydər gülür. Molla Movlamverdi. Cənab uşqol, bax, onu mən başa düşmədim. Uçitel. Cənab Molla Movlamverdi, zvukovoy sposob metodu içad olunmamışdan, uşaqlar illər uzunu höccəliyə-höccəliyə bitli və tozlu həsirlər üstə yırğalana-yırğalana cavan ömürlərini puça çıxardırdılar və heç bir şey də öyrənmirdilər; amma indi təzə üsul ilə sözləri götürürlər, səslərə təqsim eləyirlər. İndi belə bir məsəli götürək; götürək “osa” kəlməsini. Bax, burada üç səs var: biri “o”, biri “s”, biri “a”. Qasım kişi (Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, bu nə danışır? Kərbəlayı Heydər. Vallah, mən qanmadım. (Mollaya) Molla Movlamverdi, bəlkə sən bu elmi təhsil eləmiş olasan? Molla Movlamverdi (uçitelə). Cənab uşqol, o sözü ki, indi dediniz, “osa” ki, buyurdunuz, o söz nə sözdü? Uçitel. “Osa”, yəni eşşəkarısı. Adamlar gülüşür. Xub, başa düşmürsünüz, götürək müsəlman sözünü. Məsələn, “ot”; haman otu deyirəm ki, çöllərdə bitir və heyvanlar yeyir. İndi biz istəyirik yazaq “ot”. Axı “ot” sözündə iki səs var: biri “o”, biri də “t”. Əvvəl yazırıq “o”, sonra da yazırıq “t”; olur: “ot”. Molla Movlamverdi. Bağışla, cənab uşqol, “ot” ləfzi üç hərfdən mürəkkəbdir, nəinki iki. Uçitel. Xeyr, ikidir. Molla Movlamverdi. Xeyr, bağışlayasınız, üç hərfdir. Biri – “əlif”, biri – “vav”, biri də – “tey”. Məgər siz o dərəcədə bisavadsız ki, bunu da başa düşmürsünüz? Kəndlilər gülüşür. Qasım kişi. Yaxşı, cənab uşqol, bir bunu da bizə buyur görək uşaqlar uşqolu qurtarandan sonra bir qulluq sahibi olacaqlarmı? Uçitel. Əlbəttə. O baxar şagirdin qabiliyyətinə; əgər qabiliyyəti olsa, mənim kimi gedib seminariyanı qurtarar və mənim kimi smatritel olar. Kərbəlayı Qulamalı. Doğrusu, mən bilsəm ki, uşqolada oxuyan uşaqlar qulluq sahibi olacaqlar, mən oğlum Mustafanı uşqola verməyə sözüm yoxdu. Uçitel. Mərhəba, mərhəba! Bax, bu kişi ağıllı kişiyə oxşayır. Əlbəttə, hər bir atanın borcudur evladının tərbiyəsinin fikrinə qalsın. Mərhəba! Qasım kişi. Ay uşqol, bu nəçərnikin dilmancı Mirzə Məhəmmədqulu, belə görükür ki, böyük yerdə oxuyub ki, nəçərnikə dilmanc olub. Yəqin səndən çox dərs oxuyub? Uçitel (gülümsünür). Odur ki, siz avamsız və çox işlərdən xəbərdar deyilsiniz. Nəçərnikin dilmancı qorodskoy uşqoldan savayı bir yerdə oxumayıb, o heç məncə dərs oxumayıb. Qasım kişi. Yəqin sənin adamın olmayıb ki, səni üzə çəksin; onunçun Mirzə Məhəmmədqulu səndən az oxuya-oxuya dilmanc olub nəçərnikə, amma sən çox oxuya-oxuya uşqol olmusan. Əlbəttə, adamın vasitəsi çox şərtdi. Uçitel. Qasım kişi, sən səhv eləyirsən. Mən istəsəm dilmanc da ollam, pristav da ollam, hələ bəlkə artıq da ollam; amma özüm istəmirəm. Kərbəlayı Heydər. Bəlkə goburnat da olarsan. Hamı gülüşür. Uçitel (camaata acıqlı). Dəxi niyə gülürsünüz? Mən bura siznən zarafata gəlməmişəm ki! Pirverdi bəy. Dəxi bəsdi! Mən onu-bunu bilmənəm; danışıq çox uzandı və mən də durub gedirəm (durur). Bax, Qasım kişi, Kabla Qulamalı, Kabla Heydər və qeyriniz, hamınız eşidin və bilin ki, bu danışıqların heç biri mənim qulağıma girmir; çünki mən yüzbaşıyam; mənimki şallağdı. Gələn şənbə yox, o biri şənbə günü inşallah uşaqları göndərərsiniz uşqola, vəssəlam; yoxsa özgə danışıqnan mənim işim yoxdu. Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. Ta ki, xalq arasında üzü qara olmayam və hər yanda söz qoşmasınlar ki, Danabaş yüzbaşısı Pirverdi bəyin gözünün qabağında uşaqları uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər. Qasım kişi (mollaya). Ay molla, sən nə deyirsən? Sənin ağlın nə kəsir? Molla Movlamverdi (bir qədər fikir edib o tərəf-bu tərəfə baxır). Bəli, əlbəttə, təhsili-ülum və fünun, bir dərəcədə ki, etiqad aləminə rəxnə yetirməyə, fərayizdən məhsub olunur və lakin əcnəbi dil-lərinin və ayinlərinin təhsili bu şərt ilə ki, məsələn, belə fərz edək ki... (duruxur). Uçitel. Cənab Molla Movlamverdi, cənab inspektor məni vəkil edib sizə təklif edəm ki, həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. Buna nədir fərmayişiniz? Molla Movlamverdi (bir qədər dikəlib və həvəslənib). Bəli, bəli, inşallah çiddi-cəhd elərik və yüzbaşının nüfuzu sayəsində inşallah uşaqları da cəm elərik. Əlbəttə, elm təhsil eləmək hər bir babətdən lazımdır və padşahi-mehribanımızın dilini bilmək dəxi əlzəmdir; nə eybi var? Elm həmişə elmdir. Allah mübarək eləsin; Allah padşahımızı da səlamət eləsin. Qasım kişi. Allah mübarək eləsin. Allah axırını xeyir eləsin. Şaban nənə. Ay uşqol, bax mənim Əsəd balamı gərək döyməyəsən ha! Yoxsa qoymanam getsin uşqola. Məşədi Ağakişi (anasına). Ay arvad, sən bir kəs səsini! Uçitel. Mən Danabaş çamaatının bu tövr elmin qədrini bilməyini pazdravit edirəm; çünki necə ki axund Molla Movlamverdi də buyurdular, elm, elm və genə də elm; necə ki deyiblər: uçenie svet, neuçenie tma. Kərbəlayı Heydər və bir neçə kəndli gülür, uçitel təkcə çəpik çalır. Pərdə * * * Dördüncü məclis Dördüncü məçlis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşaq; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb; qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında Müəllim Həsənov əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir Qasım kişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Zeynal, H ə - sənqulu, Cəfər, Səbzalı, Novruz, Həsən, Tarqulu, Qulamhüseyn, Zülfəli. Cəmi şagirdlər öz kəndli libaslarındadır. Uçitel (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar). Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, Allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun! Şagirdlər otururlar. Qasım kişi əllərini üzünə sürtür və salavat çevirir: Allahümmə səlli əla Məhəmmədin və ali Məhəmməd. Kərbəlayı Qulamalı və Kə rbəlayı, Heydər də salavat çevirirlər. Qasım kişi. Yaşasın belə padşah! Uçitel. Bu gün predmetni urokdi. Məktəb taxtasını kim deyə bilər? Şagirdlərin bir neçəsi sağ əlinin şəhadət barmağını qalxızır yuxarı. Uçitel. Mustafa, sən de. Mustafa (durur ayağa və rəvan deyir). Məktəb taxtası, məktəb taxtası uca və qaradır. Məktəb taxtası durub iki qıçının üstə. Məktəb taxtasının ustə yazırlar təbaşirlə; məktəb taxtasını silirlər cında ilə və ya bulud ilə. Uçitel. Hamınız bir yerdə. Mustafa taxta barəsində dediyini şagirdlər hamısı bir yerdə deyir. – Kim gedib məktəb taxtasını göstərər? Şagirdlər barmaqlarını qaldırır. – Səbzalı. Şagird gedib əlilə məktəb taxtasını göstərir. Qasım kişi (nəvəsi Əsədə). Əsəd, bala, sən də get görsət. Uçitel (Qasım kişiyə). Qasım kişi, təvəqqə edirəm şagirdlər ilə danışmayasınız. (Səbzalıya) De! Səbzalı. Məktəb taxtası budu. Uçitel. Yox, yox, elə deyil; bilmədin! Səbzalı (təəccüb ilə baxır uçitelə). Budu (taxtanı göstərir). Uçitel. Yox, mən necə demişdim? Kim deyə bilər? Kişilər təəccüb edir, şagirdlər fikirləşir. Gərək deyəsiniz: bu məktəb taxtasıdır. Kərbəlayı Qulamalı. Qoy bizim Mustafa da desin. Ədə, Mustafa, sən də de ki, yadından çıxmasın. Uçitel (Kərbəlayı Qulamalıya). Mən sizdən xahiş edirəm ki, uşaqları danışığa tutmayasınız. Qasım kişi çubuğunu çıxardıb doldurur. Uçitel (şagirdlərə). Hamınız bir yerdə: bu məktəb taxtasıdır. Şagirdlər cəmən. Bu məktəb taxtasıdır. Uçitel. Kim dünənki dərsi deyər? Süleyman! Süleyman (durur ayağa). Qoyun, it, pişik, at, keçi, camuş, inək. Cəfər. Uçitel, birini demədi. Uçitel. Hansını? Cəfər. Dana. Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. Uçitel (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz. Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir. Uçitel (şagirdlərə). Çox əcəb, gözünüz məndə olsun; bu nədi? (Atın şəklini göstərir, şagirdlər hamısı barmaqlarını qalxızır). Uçitel. Zülfəli, sən de. Zülfəli. Bu atdı. Uçitel. Yox, dürüst fikir elə. Qasım kişi. Dəxi nə fikir eləsin? Doğru deyir, atdı da! Uçitel (Qasım kişiyə baxıb bir söz demir). Səbzalı, sən de. Səbzalı. Bu at şəklidi. Uçitel. Yox, elə deyil. Kişilər başlarını bulayır. Elə deyil. Kim düzəldər? Şagirdlər fikirləşir və bir kəs barmağını qalxızır. Qulaq asın: bu atıi şəklidi. Şagirdlərdən bir neçəsi. Bu atın şəklidi. Uçitel. Xorom. Bu atın şəklidi. Şagirdlər cəmən. Bu atın şəklidi. Uçitel. Bir də! Şagirdlər cəmən. Bu atın şəklidi. Uçitel. Həsənqulu, sən de. Həsənqulu. Bu atın şəklidi. Uçitel. Novruz, get atın şəklini göstər. Novruz gedib atın şəklini göstərir. Uçitel. De! Novruz. Bu at şəklidi. Uçitel. Yox, belə deyil. Mustafa, düzəlt. Mustafa. Bu atın şəklidi. Uçitel. Novruz, otur yerinə. (Novruz gedib oturur, uçitel atın başını göstərir). Bu atın nəyidi? Həsən, de. Həsən. Bu atın şəklidi. Uçitel. Yox. (Öz başını göstərir). Bax, bu mənim nəyimdi? Həsən. Başındı. Uçitel. Yox, belə deyil. Kişilər təəccüb eləyirlər. Bu mənim başımdı. Şagirdlərdən bir neçəsi. Bu mənim başımdı. Uçitel (əlini qoyub atın başına). Bu atın nəyidi? Həsən. Bu atın başıdı. Uçitel. Bir də. Həsən. Bu atın başıdı. Uçitel. Xorom. Şagirdlər cəmən. Bu atın başıdı. Uçitel. Əsəd, sən de? Əsəd. Bu atın başıdı. Uçitel. Malades. Bu atın başıdı. Bir də de. Əsəd. Bu atın başıdı. Uçitel. Xorom. Şagirdlər cəmən. Bu atın başıdı. Uçitel. Çox əcəb. (Əlini qoyur atın qulağına). Bu atın nəyidi? Şagirdlərin bir neçəsi (yerindən). Qulağı. Uçitel. Hər kəs bilir, barmağını qalxızsın. Şagirdlər barmağını qalxızır. Tarqulu, sən de. Tarqulu. Qulağı. Uçitel. Yox. Kişilər təəccüblü baxırlar bir-birinin üzünə. Qulamhüseyn, sən de. Qulamhüseyn. Qulağıdı. Uçitel. Yox, Cəfər, sən de. Çəfər. Atın qulağıdı. Uçitel. Yox. Cəfər. Qulaqlarıdı. Uçitel. Yox. Qasım kişi (uçitelə). Yaxşı, sən de görək qulağı deyil, bəs nəyidi? Uçitel (Qasım kişiyə). Qasım kişi, danışsanız, mən gərək sizdən xahiş edəm çıxıb gedəsiniz. Qasım kişi. Baş üstə. Kişilər yavaş-yavaş dururlar ayağa. Süleyman. Uçitel, bizim də atımız var. Uçitel (Süleymana). Mən səndən soruşmadım atınız var, ya yox. Zeynal, soruşdum? Zeynal. Yox, soruşmadın. Uçitel. Tarqulu, soruşdum? Tarqulu. Yox, soruşmadın. Uçitel. Hamınız bir yerdə deyin: yox, soruşmadın. Şagirdlər cəmən. Yox, soruşmadın. Əsəd. Uçitel, bizim də atımız var. Qasım kişi (Əsədə). Ədə, Əsəd, bala, bu uçitel yəqin at-zad görməyib. Gəl gedək, atını min, gəti baxsın; həmi başını görsün, həmi də qulaqlarını görsün. Uçitel (acıqlı Qasım kişiyə). Qasım kişi, Allah xatırına, çıx qoy get, dərsimizlə məşğul olaq. Qasım kişi. Vallah, yaxşı deyirəm. Özü də minməli atdı, yorğadı; kefin gələndə minərsən, gəzərsən; başını da görərsən, qulaqlarını da görərsən. Əsəd, bala, gəl gedək. Əsəd durur ayağa, baxır uçitelin üzünə. Uçitel. Dərs qurtarmayınca, uşqoladan çıxıb getmək olmaz. Kişilər bir qədər də gəlib dayanırlar qapıda. Uçitel (Şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Durun! (Dururlar). Oturun! (Otururlar). Həsənqulu. Uçitel, bizim atımız qaradı. Uçitel (Həsənquluya). Mən səndən soruşmuram. (Şagirdlərə) Soruşuram? Şagirdlərdən bir neçəsi. Soruşmursan. Uçitel (Həsənquluya). Get bucağa. Həsənqulu çıxıb gedir durur bucaqda, üzü divara, kişilər təəccüb ilə ona baxırlar. Qasım kişi (uçitelə). Ay uçitel, bu uşağı niyə üzü qibləyə qoydun? Uçitel dinmir, şagirdlərin bəzisi gülür. Uçitel (şagirdlərə). Mənim neçə qulağım var? Qasım əmi, Kərbəlayı Heydər və Kərbəlayı Qulamalı qah-qah çəkib gülüşüb çıxırlar; şagirdlərdən də gülən var. Uçitel (kişilərin dalınca acıqlı baxa-baxa). – Vot nevejestvennıy narod! (Uçitel əlini qoyur atın boynuna) Bu atın nəyidi? (Şagirdlər barmaqlarını qalxızır). Qulamhuseyn, sən de. Qulamhüseyn. Boynudu. Uçitel. Dolu cavab ver! Qulamhüseyn. Bu atın boynudu. Uçitel. Xorom. Şagirdlər cəmən. Bu atın boynudu. Uçitel. Bir də. Şagirdlər cəmən. Bu atın boynudu. Uçitel (bir qədər əlindəki kitaba baxandan sonra). Atın bədəni nə ilə örtülübdur? (Şagirdlər dinmir). Qulaq asın. Bədəni atın örtülübdür tük ilə. Qulamhüseyn (yerindən). Atın bədəni tüklüdu. Uçitel. Yox, olmadı. Qulamhuseyn. Atın tükü var. Uçitel. Yox, belə deyil. Kim deyə bilər? Zeynal, sən de. Zeynal. Uşqol, at tüklüdur. Bu heyndə Əsəd heybəsini götürüb istəyir getsin. Uçitel (Əsədə). Əsəd, hara gedirsən? Əsəd. Uşqol, acam, gedirəm evimizə. Uçitel. Otu yerinə! Dərs qurtarmamış getmək olmaz. Əsəd gedir qapıya tərəf, uçitel gəlib yapışır onun çiynindən. – Sən ki, mənim sözümdən çıxdın, get dur bucaqda; özünü də tənbeh üçun bezabed qoyacağam. (Saatını çıxardıb baxır) Kimdi dejurni? Cəfər, sənsən? Get zəngi çal. Cəfər qaçır çöldə zəngi çalır, şagirdlər səs-küy ilə tökülürlər eşiyə. Əsəd (Mustafaya alçaqdan). Mustafa, qaç nənəmə de ki, uşqol məni bezabed qoydu, özümü də qoyub bucağa. (Şagirdlər çıxır, qalır uçitel və Əsəd). Uçitel (var-gəl eləyə-eləyə). Sən lap heyvan imişsən. İndidən sən müəllimin sözünə baxmayanda, dəxi yekə kişi olanda nə eləyəcəksən? Yəqin ki, quldur olmaq istəyirsən, razboynik olmaq istəyirsən. Elə belə tərbiyə tapmışsınız ki, Danabaş kəndinin kişiləri lap vəhşi heyvan kimi olub, insanlıqdan bilmərrə bixəbərdirlər. Odur, yekə kişiləriniz. Odur Qasım kişi kimi ağsaqqalınız. Onun bir öz işlərinə bax, dərsə gülməklərinə bax! Şagirdlərin bir neçəsi girir içəri. Söz yox, avam adama mənim dərsim xoş gəlməz. Onlar nə bilir Uşinski kimdi, Piroqov kimdi, Pestalotsi kimdi? Onlarınkı odur ki, nadan mollalarla illər uzunu diz üstə oturub yırğalana-yırğalana (özü də yırğalanır) əlif-zəbər-ə, bey-zəbər be, tey-zir te... Nə var, nə var, yekə kişi olanda bir “Gülüstan” kitabını oxuyub qurtaracaq! Süleyman. Uşqol, mən “Gulüstan”ın babi-pəncümunə kimi oxumuşam. Şagird Zülfəli (qaçıb soxulur içəri). Uçitel, Əsədin nənəsi əlində ağ şey, söyə-söyə gəlir. Uçitel (acıqlı). Çəhənnəm ol! Zülfəli çıxır. Şaban nənənin bağırtısı gəldikcə yavuqlaşır. Arvad əlində bir dəyənək, o biri əlində bir neçə daş, mərəkə və föhş ilə daxil olur içəri. Şaban nənə. Hanı mənim balam? (Əsədi görüb, uçitelə). Bunu niyə burada dussax eləmisən? A sənin atan-anan tünbətün düşsün! A səni uşqol açdığın yerdə quruyub daşa dönə idin! A səni belə əkib doğanuvun atasına nəhlət! (Əsədə) Bala, gəl gedək. Uçitel (acıqlı yeriyir qabağa). Olmaz, o gedə bilməz; sən özün buradan rədd ol, get! Şaban nənə. Ədə, buna bax ey! Məni hələ qovmağına bax ey! A sənin belə... (Əlindəki daşın birini tullayır. Daş müəllimin başının üstündən gedib dəyir divara). Məşədi Ağakişi, Kərbəlayı Qulamalı, Kərbəlayı Heydər, Hacı Namazalı və bir neçə Qeyri kəndli tökülürlər içəri. Məşədi Ağakişi Şaban nənəni çəkir qapıya tərəf. Məşədi Ağakişi. Ay arvad, çıx qoy get! Az bihəyalıq elə! Kişilər təəccüblü durub baxırlar. Şaban nənə Əsədi qabağına salıb, yaman deyə-deyə gedir. Şagirdlər məyus tamaşa edirlər. Uçitel. Aman Allah, bunlar, necə vəhşi tayfadırlar! Mən dəxi burada necə müəllimlik eləyə bilərəm? Qardaş, mənim abrım töküldü, belə də rəftar olar? Beləliknən dərs demək olar? Proqram keçmək olar? Məşədi Ağakişi. Ay uşqol, sən Allah, axı sən bu dəli qarıya niyə baş qoşursan? Qoy itilsin getsin cəhənnəmə. O özü nədi ki, sözü nə ola? Uçitel. A kişi, səni tarı, sən də əl çək get işinə! Bu camaat deyilmiş, dəlixana imiş. Yox, yox, mən burada nə qala bilərəm, nə dərs verə bilərəm. (Oyza-buyza baxıb, bir qələmnən bir kağız tapıb, oturur yazmağa). Hanı, hardadı yüzbaşı? Ədə, Sadıq, hanı bizim storoj? Qoy getsin yüzbaşını çağırsın. Kağız yazacağam naçalnikə. Camaat içindən səs gəlir: “Bəli, buradayam, bax, bu saat gedim çağırım”. Məşədi Ağakişi və kəndlilər təşvişə düşür. Uçitel kağız yazır. Məşədi Ağakişi (uçitelə). Ay uşqol, aman günüdü, o kağızı yazma; bizi bədbəxt eləmə. Hər nə tənbehin varsa, özün elə. Qoy mən bu sahat o arvadı da gətirim bura. Əsədi də gətirim; nə tənbehin varsa, özün elə, ta nəçərnikə-zada şikayət yazma. Yoxsa yazığıq biz, bədbəxt olarıq. Aman günüdü, yazma! Yüzbaşı Pirverdi bəy daldan yetişir. Məşədi Ağakişinin kürəyindən bir şallaq yendirir. Pirverdi bəy. Ədə, Nəzərəli, apar bunu sal dama. (Uçitelə) Yazma, yazma! Mən özüm bunların yaxşıca haqqına fikir çəkərəm. Mən bunları qəzəmətdə çürütməsəm, məndən əskik adam yoxdu. Yazma, yazma. (Gedir uçitelin əlindən qələmi alır). Bir neçə kəndli. Ay Allah atana rəhmət eləsin, yüzbaşı. Yüzbaşı (uçitelə). Bilirsən mən niyə deyirəm bu əhvalat nəçərnikə yazılmasın? Ondan ötrü deyirəm ki, nəçərnik sənin kağızını oxuyanda elə xəyal eləyəcək ki, yüzbaşı camaatın öhdəsindən gələ bilmədi; yəqin elə güman eləyəcək ki, bəlkə genə Danabaş camaatı uşaqlarını uşqola verməmək dərdindən, aparıb kərmə qalağında gizlədirlər. Mən ölüm o kağızı cır, at. Uçitel başını salır aşağı və dinmir. Camaatdan bir neçəsi. Mən ölüm o kağızı cır at. Uçitel (durur ayağa). Bunu bilməli olasınız ki, müəllimlik özü bir müqəddəs və habelə ağır bir vəzifədir. Hətta biz seminariyanı qurtaranda, qubernator gəlmişdi bizlər ilə görüşməyə. Qubernator bizə bir neçə gözəl nəsihət elədi və bu da yadımdadı ki, dedi ki, kənd müəllimliyi bir ali məqamdır; yəni o qədər ali məqamdır ki, qubernator özü bizə həsəd aparırdı və hətta bir neçə dəfə ah çəkib dedi: ax, kaş mən də o yol ilə gedə idim və belə bir ali vəzifədən, belə bir nemətdən məhrum olmaya idim. Elə həqiqətdə bu özü bir müqəddəs vəzifədir; çünki avam çamaatı qaranlıqdan işıqlıq aləminə çıxardırsan. Götürək məşhur Lomonosovu. O özü əvvəllər nə idi ki? Elmin sayəsində nə dərəcəyə qalxdı! Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. (Cırır). Yüzbaşı. Çox sağ ol! Camaat. Çox sağ ol! Uçitel. Və ümidvaram ki, siz mənim bu nəsihətimə əməl edib bundan sonralıqda məktəbin qədrini biləcəksiniz və razı olmayacaqsınız ki, məktəbdə bugünkü şuluqlar bir də təkrar olunsun. Çünki məktəb küçə deyil; qilü-qal küçədə olar, məktəbdə olmaz. Küçədə olar qilüqal, məktəbdə də olar dərs; küçədə olar föhş və biədəblik, məktəbdə olar nəsihət və elm. Küçə camaatı həmişə qaranlıqda qalacaq; çünki küçədə elm yoxdur. Amma məktəbdə hər bir kəs işıqlıq tapacaq; çünki məktəbdə elm var; necə ki, deyiblər: uçenie svet, neuçeine tma; yəni oxumaqlıq işıqlıqdı, oxumamaqlıq qaranlıqdı. Camaat. Bəli, bəli, başa düşdük. Camaat dağılır və gedə-gedə əllərini ağızlarına basıb xəlvətcə gülüşür. Kərbəlayı Heydər (yavaşca camaata). A kişi, gəl gedək, bu sarsağın yaxasından uzaqlaşaq. Uçitel (camaatın dalınca). Amma yadınızdan çıxmasın ha, elm, elm və genə də elm! (Camaat bunu eşidəndən sonra dəxi də bərk gülə-gülə uzaqlaşır. Və uçitel yenə onların dalınca ucadan haraylayır). Uçenie svet, neuçenie tma. Pərdə salınır * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-danabas-kendinin-muellimi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.