Ər Cəlil Məmmədquluzadə (1869–1932) Ər Dörd məclisdən ibarət komediya İŞTİRAK EDİRLƏR Cahangir (Pərvər, Qeyrətmənd Cahangir, Qeyrətmənd) – 21 yaşında firqə namizədi, darülfünun tələbəsi Mərcan xanım – Cahangirin anası, məktəb müdirəsi, mərkəzi qadınlar klubunun sədri Çiçək – Cahangirin bacısı, Tağıyev gimnaziyasının məzunu, müəllimə, 23 yaşında İzzət nənə – Cahangirin nənəsi Mürşüd dayı – Cahangirin dayısı Zərəfşan xanım – Mərcan xanımın bacısı, dul qadın, 30-35 yaşlarında Püstə – Mərcan xanımın evində xidmətçi qız Həsrət xala – çörəkbişirən Nadir bala – Mərcan xanımın kiçik oğlu Dilşad – Çiçəyin rəfiqəsi Mirzə Ərvahallahxan – universitetin professoru, Əsəb xəstəxanasının müdiri, 50-55 yaşında Dəli Murtuza – Əsəb xəstəxanasındakı xəstələrdən Qutaz Şərəf xala qonşu qadınlar Yarpız xala İsmət xanım } Birinci yad arvad İkinci yad arvad Üçüncü yad arvad məhəllə qadınları Dördüncü yad arvad Beşinci yad arvad } Birinci tələbə İkinci tələbə Cahangirin tələbə yoldaşları Üçüncü tələbə } Xidmətçi ifritə xəstəxananın işçiləri Qapıçı } Şəhər nəzarətçisi Nəzarətçi şəhərdə ictimai asayişi bərpa edənlər Gülən nəzarətçi } Azad bəy - orta yaşlı yetkin ziyalı Millətpərəst Qəhrəman Natiq Natiq yeni cəmiyyəti təmsil edən gənclər Millətpərəst Vəli (Vəli Azadixah) Əli Qeyrətmənd } Birinci uşaq Uşaqlardan biri O biri uşaq məhəllə uşaqlarının nümayəndələri Üçüncü uşaq Dördüncü uşaq } Mücdə Dəli Şahzadə – professorun paltarlarını geyinmiş Dəli Murtuza * * * Əvvəlinci məclis Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur. Cahangir. Ana, nə qayırırsan? Mərcan xanım. Bala, zəncəfil-çörək bişirirəm. Cahangir. Nə əcəb, ana? Mərcan xanım. Necə nə əcəb? Bəs, demirdin Teymur bəy bu gün bizə qonaq gələcək? Cahangir. Yox, gəlməyəcək. Mərcan xanım (təəccüblə). Necə yəni gəlməyəcək? Cahangir. Gəlməyəcək də. Teymur bu gün Vəzirovgilə qonaq gedibdir. Mərcan xanım. Bəs, niyə deyirdin bizə qonaq gələcək? Cahangir. Deyəndə nə olar? Mən elə bilirdim bizə gələcək, amma küçədə mənə rast gəldi, üzr istədi. Dedi, Qasım bəy qonaq çağırıb və söz də vermişəm. Mərcan xanım (bir qədər dinmir və üzünü tutur Püstəyə). Qız, su gətir, əlimə su tök. Püstə gedir, Cahangir də gedir öz otağına. Püstə su gətirənədək Mərcan xanım xamıra baxır. Püstə su gətirir. Mərcan xanım bidamağ əllərini yuya-yuya və hirsli-hirsli danışır. Bax, bu oldu adam aldatmaq, adamı ələ salmaq. Qardaş gələcəksən, de ki, gələcəyəm, gəlməyəcəksən, de ki, gəlməyəcəyəm. Dəxi sənə yalvaran yoxdu, bu ağır zamanda özün bilirsən ki, qonağa tədarük görmək çətindir. Nə un tapılır, nə yumurta tapılır. Əlimizə düşəni veririk yağa-bala ki, qonaq qabağında xəcalət olmayaq. Deməyələr ki, filankəs kasıb düşübdür. A rəhmətliyin oğlu, sən görürsən ki, biz sənə nə qədər hörmət qoyuruq. Axır sən vədə verməsən, biz bu təmtarağı tək özümüzdən ötrü qurmarıq. Axır gör bu zamanda bu dəstgah nə ilə başa gəlir. Biz bu tədarükü görürük ki, sənə layiq olsun, bəy balasısan, öyrənmisən cəlallı məclislərə, biz də çalışarıq ki, cərgədən geri qalmayaq. Çiçək (təəccüblə). Bəs, Teymur bəy gəlməyəcək? Mərcan xanım (bikef və bir azdan sonra). Gəlməyəcək. Çiçək. Bəs, niyə gəlməyəcək? Məgər özü deməmişdi ki, gələcəyəm? Mərcan xanım. Çox da demişdi. Bizim ona zorumuz ki, yoxdu. Kefi istəmişdi demişdi ki, sizə gələcəyəm. Sora kefi istəyib, Qasım bəygilə gedib. Zorumuz ki, yoxdu. Kefi belə istəyib. Cahangir qapını açır və bacısına tərəf baxır və dinmir. Görür ki, bikefdi. Cahangir. Qız, Çiçək, sən bu gün bikefsən? Çiçək başını aşağı salıb, dinmir. Cahangir yox olur. Çiçək (guya öz-özünə). Teymur bəy dəli deyil ki, Vəzirovgildə gözəl-gözəl qızları qoyub, bizə gəlsin. Mərcan xanım (acıqlı). Cəhənnəmə gəlsin, gora gəlsin, heç gəlməsin, heç də ona yalvaran yoxdu ki. Cahangir (qapıdan). Ay qız, Çiçək, mən acam, əgər bir şey bişirmişsiniz, verin yeyək, əgər verməyəcəksiniz mən çıxım gedim. Çiçək çıxıb gedir aşpazxanaya tərəf. Cahangir (anasına). Ana, doğrusu mənim fikrimə bir şey gəlir. Siz bu gün, əlbəttə, Teymuru nahara gözləyirdiniz və ondan ötrü zəncəfil-çörək tədarük edirdiniz. Çünki Teymur bəy gəlmədi, siz analı-qızlı bərk bidamağ və dilxor oldunuz. Elə dilxor oldunuz ki, zəncəfil-çörəyi bişirib qurtarmaq istəmədiniz və uşaqlarınızın da aclığı yaddan çıxdı. Mən onu istəyirəm deyəm ki, sizin tərəfinizdən bu bir dəlilikdir. Səbəb budur ki, yad bir adamın bizə gəlməməyi sizin halınıza bir zərrə qədər təfavüt eləməyə və əgər təfavüt eləsə də, onu siz hər halda büruzə verməyin. Bu, hər ikinizin tərəfindən səfahət və bəlkə də biədəblikdir. Teymur bəy kimi oğlan dünyada hədsizdir. Teymur bəy mənim yoldaşımdır. O bizə gələndə mənə qonaq gəlir, sizə gəlmir. Onun vədə xilaf olmağı və ya olmamağı əvvəl gərək mənə təsir edə, sora sizə. Əgər o bizə vədə verib, gəlmək əvəzinə Vəzirovgilə getdi, bu ki, bizə təfavüt eləməz. Ancaq bunu sizə demək istəyirəm ki… (Çiçəyə) Qız, bir dur gör çörək olacaq, ya olmayacaq. (Çiçək durub gedir). Hə, ancaq sizə bunu demək istəyirəm ki, indi bu saat acından danışa bilmirəm, amma çörəkdən sonra sizə başa sala bilərəm ki, Teymur bəyi sizin gözləməyiniz lap əbəsdir. Mərcan xanım. Nə deyirəm, qoy əbəs olsun, qoy Teymur bəy xoşbəxt olsun, nə deyirəm ki? Cahangir. Sən bilirsənmi niyə əbəsdir?.. Mərcan xanım. Dayan, bir də dayan, gör nə deyirəm… Cahangir. Ondan ötrü əbəsdir ki… Mərcan xanım. Dayan bir, sən demirsən əbəsdir, qoy bunu Teymur bəy aşkar desin, açıq-açığına desin sən də bil, mən də bilim ki, bizim ümidimiz əbəsdir. Dəxi gizlənpaç oynamağın nə mənası? Dəxi burada ikiüzlülük lazım deyil. Qardaş, bax, sən mənə lazım deyilsən, mən də sənə lazım deyiləm, vəssəlam. Qoy biryolluq açıq-açığına desin ki, qardaş, əzizim, qonşum, sənin qızın mənə lazım deyil. Mən də müştəbeh olmuyum. Cahangir. Ay arvad, axı bu nə sözdü ki… Mərcan xanım. Dayan, dayan, mən də müştəbeh olmuyum. (Gedib xamırı yığışdırır). Püstə, ay Püstə, Çiçək, gəl bu xamırı buradan yığışdır (öz-özünə danışır). Hələ ümidimiz əbəsdir. Amma bir gün zəncəfil-çörək, bir gün şəkər-çörək, bir gün paxlava olanda ziyanı yoxdur, amma, ümid söhbətinə gələndə ümidimiz əbəsdir. Bu milyonlar əbəs deyil, vədəxilaf olmaq əbəs deyil, amma biz yazıq, müntəzir olmağımız əbəsdir, qonağın yolunu gözləməyimiz əbəsdir, əbəsdir. Cahangir (qapıda durub, xamırı yığışdıranlara tamaşa edir). Ana, bəs, deyirdin zəncəfil-çörək bişirəcəyəm. Məgər Teymur burada olmasa, bizim boğazımızdan keçməz? Mərcan xanım (gileyli). Mənim işim yoxdu, hər kəs bişirəcək bişirsin. İzzət nənə (əlində boşqabda göyərti, vayıldaya-vayıldaya girir içəri və Cahangirə). Bala, nənən qadanı alsın bə qonağın niyə gəlmədi? Cahangir dinmir və nənəsinin əlindən göyərtini alır, gedir otağına. İzzət nənə qayıdır. Püstə bişmiş qabını buğlana-buğlana aparır içəri. Püstə (Cahangirə). Bəs, Nadir bala çörəyə gəlməyəcək? Cahangir. Mənim Nadirdən xəbərim yoxdu. Bu nədir?! (Bişmişə baxır. Püstə istəyir getsin). Bu nədir? Bu nədir? Plov da varmı? Püstə. Var. Cahangir. Qarası nədir? Püstə. Hincamadı. Cahangir. Necə hincama? Püstə (gülə-gülə). Vallah, dilim tutmur. Bilmirəm hincamadı, ya sincama. Cahangir. Bəs, anamgil niyə çörəyə gəlmir, Çiçək niyə gəlmir, xalam haradadı? Püstə. Evdədirlər, bilmirəm niyə gəlmirlər. Cahangir (şorbadan bir-iki qaşıq götürüb çağırır). Ana, (sonra bir-iki qaşıq da götürüb yenə çağırır) Çiçək. Çiçək. (Plov nimçəsi əlində girir içəri). Dadaş, sən rahat çörəyini ye, biz də gəlirik. Cahangir. Bəs, Nadir niyə indiyə kimi gəlməyib? Mərcan xanım (qapıdan girir). Cahangir, bala sən çörəyini ye. Ola bilər ki, Nadir bu gün çörəyə gəlməyə. Cahangir. Səbəbi? Mərcan xanım. Nə bilim, deyir məni yoldaşlarımdan birisi nahara çağırıb. Ona mal əti bişirmisiniz. Ancaq Teymur bəyi qonaq çağıranda ona fisincan plov bişirirsiniz. Onun sözü budur (plovun qarasını düzür Cahangirin qabağına). Bax, çolpanı yavuq qoy, bu da xurma-badam qarasıdır. Cahangir. Bax bu doğru sözdür. İnsan gərək haqq tərəfdarı ola. Mən bu barədə Nadiri heç qınamıram, bu aşikar bir işdir ki, Teymur bəyi siz hamıdan artıq istəyirsiniz. Mərcan xanım. Əlbəttə, bunun bir səbəbi var ki, istəyirik. Cahangir. Nədir səbəbi? Mərcan xanım. Səbəbi odur ki, Teymur bəy də bizi hamı qonaqlardan artıq istəyir. Cahangir. Xub, əgər bu söz doğrudursa, mən bunu bilmək istərdim ki, Teymur bəy axır bizi niyə özgələrindən artıq istəsin? Mərcan xanım dinmir və könülsüz şorbadan bir qaşıq götürüb yemək istəyir. Cahangir (yeməkdən əlini çəkir). Axır mən səndən söz soruşuram? Mərcan xanım. Çörəyini ye, soyutma. Cahangir. İndi mən doymuş olsam, onda sən gərək mənə cavab verməyəsən. Anası yenə dinmir. Cahangir bir-iki qaşıq da götürüb durur ayağa. Dodaqlarını çörək dəsmalı ilə silir və istəyir çıxsın getsin. Zərəfşan gəlir. Cahangir. Ana, bugünkü söhbətlər, doğrusu, mənim heç xoşuma gəlmədi. Bilmirəm bu nə danışıqdı. Teymur bəy belə gəldi, Nadir belə getdi, bu sözlərin mənasını mən heç başa düşə bilmirəm. Zərəfşan xanım. Vallah, bilmirəm çörək üstə bu qədər danışıq olar ki, siz eləyirsiniz? Çiçək. Xala, vallah, lap doğruca deyirsən. Püstə. Siz ki, bu plovu yeməyəcəkdiniz, bəs, niyə bizə bu qədər əziyyət verdiniz? Mərcan xanım. Cahangir, vallah, sən nahaq yerə bizə baxıb çörəyini yarımçıq qoyubsan, bax, çolpaya, xurma-badama heç əl vurmadın. Axər mən qanmıram sən niyə bizə baxırsan. Hərənin bir dərdi olar, sən axır, niyə bizə baxırsan və çörəyini yarımçıq qoyub arvad-uşaq söhbətinə qarışırsan. Cahangir (gəlir anasının yanına və onun qabağında durub, bir qədər dinmir və sonra deyir). Ana, gəl, sənnən açıq danışaq. Mərcan xanım. (Çiçəyə və Püstəyə tərəf). Bu qab-qacağı buradan yığışdırıb aparın. Özünüz də buradan gedin. Qızlar elə də eləyirlər. Mərcan xanım (oğluna). Cahangir, bala, qoy sənə sözün açığını deyim. Cahangir. De, de, de görüm, nə deyirsən? Mərcan xanım. Bəs, bu bədbəxtin qızı nə vaxtadək evdə qalacaqdır? Cahangir. Hansı qız? Mərcan xanım (qapıya tərəf baxır). Hansı qız olacaq? Çiçək! Cahangir. Kim ona deyir ki, evdə qal? Mərcan xanım. Bəs, o, ərə getməyəcək? Cahangir. Kim ona deyir ki, ərə getmə? (Hirsindən çiyinlərini tullayır). Mərcan xanım. A balam, axır onu gərək ərə istəyən ola ki, ərə gedə, ya yox? Cahangir. Xub, mən kimin qabağını kəsib qoymuram ki, onu istəsin? Mərcan xanım. Vallah, Cahangir, mən bilirəm ki, sən bu söhbətləri xoşlamırsan. Çünki uşaqlıqdan sən Çiçəyi istəmirsən, amma, necə olmuş olsa, o, sənin anabir, atabir, doğmaca bacındı. Cahangir (bir qədər fikirləşir). Ana, vallah, sənin gərək mənə yazığın gəlsin və məni darıxdırmayasan. Mərcan xanım. Maşallah, maşallah söz danışana. Barı bir də belə sözləri ağzına alıb danışma, eşidən olar. Cahangir. Eşidən olsa, dəxi də yaxşı olar. Heç olmasa sən də məndən əl çəkərsən. Mərcan xanım (acıqlı durub gedir). Doğrusu, sənnən danışmalı deyil. Sənin kefin gəlib. Gedir. Cahangir kitablarını açır qabağına, başlayır kitablarla məşğul olmağa. Püstə gəlir. Qalan qab-qacaqdan götürüb, aparmaq istəyir. Bir Cahangirə baxır, bir getmək istəyir. İzzət nənənin ahıltısını eşidib çıxıb gedir. İzzət nənə ah-vay ilə girir Cahangirin yanına və o tərəfə-bu tərəfə baxır və görür ki, Cahangir kitablarla məşğuldur, dinməyir və getmək istəyir və gedərək qapının ağzında Cahangirdən soruşur: İzzət nənə. A balam, bəs, o yazıq qız nə vaxtadək evdə qalacaq? Cahangir nənəsinə tərəf baxır, heç dinmir. Nənəsi də ona tərəf baxır və heç bir söz demir. Xeyli bir vaxtdan sonra Cahangir nənəsinə deyir: Cahangir. Nənə nə deyirsən? İzzət nənə. Belə, a qadavı alım, deyirəm ki, axır nə vaxta kimi o qız evdə qalacaq? Cahangir. Hansı qız? İzzət nənə. Belə, o yazıq Çiçək balam. Cahangir hövsələsiz nənəsinə tərəf baxır və dinmir. Bir qədər keçəndən sonra kitablarını vurur qoltuğuna, papağını qoyur başına və otaqdan çıxıb gedir. Nənəsi dinməz-söyləməz baxır Cahangirin dalınca. Mərcan xanım gəlir. Mərcan xanım. Ana, bax. Cahangir çörəyi də yarımçıq qoydu və yəqin ki, ac durdu, getdi. İzzət nənə. Axır niyə belə elədi? Sözü nədir ki? Mərcan xanım. Nə bilim, deyir ki, Çiçəyin sözünü mənim yanımda danışmayın. İzzət nənə. Niyə? Məgər Çiçək sənin bacın deyil? Sən onun qardaşı deyilsən? Mərcan xanım. Ana, vallah, indi dəxi sən görən deyil. İndi dəxi nə bacı qardaşı tanıyır, nə qardaş bacısını tanıyır. İndi gərək hər kəs öz başını saxlasın. Nə qardaşa ümid var, na bacıya ümid var. (Dəsmaldan, qaşıqdan bir-iki şey götürüb, otaqdan çıxıb gedir). İzzət nənə. Ax, yazıq canım, gör nə günə qaldıq, gör o yazıq qız nə günə qaldı. Nə qardaşa ümid var, nə bacıya ümid var. Bəs, o yazıq qız nə vaxtadək evdə qalsın, başına haranın daşını salsın, haradan özünə ömür yoldaşı tapsın, hərə gedib özünə bir sarı saçlı qız tapacaq, bəs, o yazıq qızın günahı nədir ki, saçları qaradır, sarı deyil. Bəs, neyləsin, kimə sözünü desin, ax yazıq balam, bir də yazıq balam. Diz üstə çöküb, guya, namaz qılır və başını aşağı salıb, qoyur dizinin üstə və sükuta cumur. Mərcan xanım gəlir anasını bu halətdə görüb, o da diz üstə çökür və əllərini Allahın dərgahına qalxızıb danışır. Mərcan xanım. Xudaya, mən sənin hikmətinə əl vura bilmərəm, məsləhət sənin yanındadır. Xudaya, and verirəm sənin cəlalına, məni sən bu dərddən xilas eylə, sən mənim bircə dənə o yazıq qızımın bəxtini aç, axır mən dost-düşmən içində xəcalətimdən yerə girirəm. Axır kimi mən başa salım və kimə mən cavab verim ki, mənim 23 yaşında qızım indiyədək kor qız kimi evdə qalıb, ərə getmir. Bəs, mən nə vədəyədək ona-buna baxıb, həsrət çəkəcəyəm. Bəs, xalxın qızları 14 yaşa çatmamış ərə gedir. Xudaya, mən nə günahın sahibiyəm. O yazıq qızın günahı nədir və kimin qızından əskikdir. Nəcabət desən, sultan qızıdır. Dərs desən, dərs oxuyub və müəllimlik eləyir. Millət işi və camaat işi desən, hər gün ictimai işlərdə və məclislərdə. Abırlı desən, hamıdan abırlı. İndi bəs, yazıq qızdan dəxi nə istəyirlər. Zərəfşan xanım (qapıdan girə-girə). Mərcan, vallah, Çiçəyin evini yıxan elə həmin camaat işləridir. Nə qədər ki, gecə və gündüz Çiçək məclislərdə kişilər içindədir, kişilər içində onun qədri-qiyməti olmayacaq. Bax, bunu sən yadında saxla. Bir sözdü mən deyirəm. İzzət nənə (oturduğu yerdə hərəkət eləməyir və başını qaldırmayıb deyir). Olmayacaq, olmayacaq, Zərəfşan yaxşı deyir. Mərcan xanım (Zərəfşana). Eh, sən də mağıl söz danışdın, elə evdə oturanlar ağ günə qalıblar ki, Çiçək də evdə otursun? Bəs, xalxın qızları niyə kişilər içində min əməldən çıxa-çıxa ərə gedirlər. Bəs, Nazlı xatın gecə də oğlanlarnan gəzirdi, gündüz də gəzirdi. Niyə on dördə çatmamış ərə getdi? Niyə Bayram bəyin qızı Qızıl ərə getdi? Amma evdə oturanlar necə oldu? Hansı ərə getdi? Sən özünü niyə götürmürsən? Sənin nə vaxtındı ki, başına qara dəsmal bağlayıb, yaslı arvadlar kimi evdə ömür çürüdəsən. Bir də indi nə əsrdir ki, camaat işinə qarışmayıb, evdə oturasan və adamın tükünü didələr. Vallah, bilmirsən kimin sözünə baxasan. Evdə oturanları da məzəmmət eləyirlər, camaat işinə qarışanları da töhmətləndirirlər. Lap Molla Nəsrəddinin eşşək minməsinə dönmüşük. Minirsən, deyirlər niyə minirsən, minmirsən, deyirlər niyə minmirsən? İzzət nənə (oturduğu yerdən tərpənməyib deyir). Mərcan doğru deyir. Lap qara günə qalmışıq. Zərəfşan xanım. Bunlar hamısı bəxtnəndi. Hər kəsin bəxti var, ərə gedəcək, bəxti yoxdu, getməyəcək. İzzət nənə. Hə, hə, bəxtnəndi, bəxtnəndi. Yazıq bədbəxt Çiçək balam da bədbəxtdir, elə Zərəfşan balam da bədbəxtdir. Həsrət xala (qonşu otaqdan gəlir. Mərcan xanıma). Ay xanım, bəs, Teymur bəyin işi necə oldu? Bəs, eşitdim Çiçək xanımdan ötrü gedib-gəlir. Mərcan xanım. Teymur bəy Çiçək xanımdan ötrü gedibgəlmirmiş. Həsrət xala. Bəs, kimdən ötrü gedib-gəlirmiş? Zərəfşan xanım (Həsrət xalaya). Doğrusunu bilmək istəyirsən? Teymur bəy zəncəfil-çörəkdən ötrü gedib-gəlirmiş və fisincan plovdan ötrü, xurma-badamlı plovdan ötrü gedib-gəlirmiş. İzzət nənə. Yazıq Çiçək balam, bəxtiqara Çiçək balam. Həsrət xala (Mərcan xanıma). Ay xanım, çox da darıxmayın, Allah kərimdir. Çiçək xanım hələ cahaldı, inşallah, bəxti açılar, gedər. Mərcan xanım. Həsrət, bilirəm gedəcək, əvvəl-axır gedəcəkdir. Ancaq nə vaxt gedəcəkdir. Sən dərdə düçar olandan sonra gedəcək . Sənin canın çıxandan sonra gedəcək. Səni illər uzunu nəvənəticəyə həsrət qoyandan sonra gedəcək. Yoxsa, niyə getməyəcək. Şərəf xala (Gəlir). Salaməleyküm, Mərcan bacı. Püstəyə de, o həvəngdəstəni bir saatlığa versin, yenə özüm gətirib qaytararam. Mərcan xanım. Əleyküm salam. Bax, hələ biz duraq kənara, axır bu yazıq arvad indi neyləsin. Başına haranın daşını salsın? Bəs, bu arvadın qızı nə vədəyə kimi dörd divarın içində dustaq qalacaq? Neçə yaşına kimi evdə oturacaq? İndi Yetərin neçə yaşı olar? Şərəf xala. Mərcan bacı, sənin canın üçün indi 18-dən ötübdür. Hacı Heydər Məkkədən qayıdanda Yetər ikiaylıq idi. Püstə (həvəngdəstəni gətirib, Şərəf xalaya verir). Şərəf xala, vallah, xalqda heç günah yoxdur, günah özündədir. Qızınıza müştəri çıxanda da hərəyə bir qulp qondarırsınız. Odur, keçən il Mirzə Qulamhüseyn Yetəri istəyəndə nə cavab verdiniz? Dediniz Yetər ağırlığı qızıl gətirsin, qızı verək. Şərəf xala (əlini dodağına aparır). Boy, başıma xeyir, qız, biz havaxt elə söz dedik? Mərcan bacı, imam Hüseyn haqqı yox, Mirzə Qulamhüseyn, doğrudur, qızı istədi, amma axırda eşitdik ki, bir sarı saçlı urus qızı gətirib evinə, özünə arvad eləyib. Yoxsa, canın üçün biz ondan bir şey istəmədik. Zərəfşan xanım. Elədir, elədir, iş elə həmən sarı saçlılardadır. Yoxsa, vallah, qalan sözlər nahaqdır. Nə qədər ki, vilayətimizə həmən sarı saçlı qızlar axışıb gəlməkdədirlər, qızlarımız evdə ərə həsrət qalacaqlar. Mərcan xanım (ikiəlli dizlərinə çırpır). Vay, yazıq canım. Püstə (Mərcan xanıma). Xanım, çox da darıxma, Allah kərimdi. Mərcan xanım (Püstəyə). Hə, kərimdi, mən də bilirəm kərimdi. Ancaq o kərim Allah bilmirəm havaxt harayıma çatacaq? Bu yazıq arvadın (Şərəf xalaya işarə ilə) harayına çatacaq? Şərəf xala. Mərcan bacı, bəs, bu yazıq Zərəfşan bacını niyə demirsən. Bunun nə vaxtıdır indidən dul qalsın, tək-tənha ömrünü yoldaşsız çürütsün, hələ görəcəkli günü qabaqdadır. (Zərəfşana) Yenə dinmirsən, ay yazıq. Zərəfşan xanım (stəkanları şkafa düzür). Eh, Şərəf xala, mənimki dəxi keçibdi, hələ yekə-yekə qızlarımız gözləri yolda qala-qala heç bilmirəm nə vaxt nobat mənə çatacaqdır. Mərcan xanım. Axır, nobat neyləsin? Gör nə qədər gözü yolda olanlar var. Heç bir evi nəzərinə gətirirsən ki, orada yetişmiş qız, qartımış qız olmasın, dul gəlin olmasın. Şərəf xala. Doğrudur. Mərcan xanım. Bax, elə bizimkilər dörd nəfər oldu. Şərəf xala. Doğrudur. Mərcan xanım. Bax, bu məhlədə Xırda xanımın qızı. Şərəf xala. Elədir. Mərcan xanım. Hacı Gülməmmədin qızı Ərik. Zərəfşan xanım. Kəblə Musanın qızı Mehri. Çiçək. Xanoğlanın qızı Dilbər. Şərəf xala. O məhlədən Fizzənin qızı. Mərcan xanım. Nazlı xalamın qızı Xeyransa. Həsrət xala (girir içəri, əlində yuyulmuş çəngəl-bıçaq). Bəs, biçarə Tutunu niyə demirsiz? Bəs Məmməd bəyin qızı Nərgizi niyə demirsiz? Çiçək. İldırımın qızı Telli. Zərəfşan xanım. Zeynəb qaldı, Fatma xanımın qızı Zeynəb. O nədir ey, Qubad bəyə nişanlı idi, sora qızı tulladı, getdi yəhudi qızı aldı. Mərcan xanım. Hələ bizim yadımıza düşənlər bunlardı. Bəs, gör, yadımıza düşməyənlər nə qədərdir? Şərəf xala. Mərcan bacı, sənin başın üçün həddi-hesabı yoxdu. Ax, yazıqlar. Həsrət xala. Şərəf bacı, vallah, heç bilmirəm nə günə qalacayıq. Çiçək. Nə günə qalacayıq, hamımız dul qalacayıq. Püstə. Heç yüz il də bundan sora bu qədər qıza ər tapılmaz. Mərcan xanım (acıqlı, Püstəyə). Hə tapılmaz, sən yaxşı bilirsən ki, tapılmaz. Sənin nə vecinə ki, tapılmaz. Sən yəqin özünə arxayınsan ki, sənin üçün tapılar. Onunçün belə arxayın danışırsan. Bəs, necə olar ki, sənə tapılar, özgələrinə tapılmaz? Elədə bu qədər qız aparıb özünü Kürə töksün? Dəxi beləliklə, baş saxlamağın nə faydası, vallah, mən lap bezikmişəm. Allah mənə bir müftə ölüm göndərsin, ta bu günləri görməyim. Axır mənim qızımın günahı nədir ki, bu yaşa çatsın və gözəl-gözəl oğlanlara həsrət qalsın? Bəs, o biri yazıqların günahı nədir? Dünən gördüm ki, qızım Çiçək qəmgin oturub fikir dəryasına cumubdur. Deyirəm, qızım, nəyin fikrini eləyirsən? Gör, mənə nə deyir? Deyir, anacan, bəs, mən nə vaxt ərə gedəcəyəm? (Doluxsunur) Deyirəm, qızım, Allah kərimdir, ürəyini sıxma, inşallah, sənin də bəxtin açılar, gedərsən. Yazıq qız gör, nə deyir:– Ana, deyəsən, indiki əsrdə ər-zad moddan düşübdür. Görürəm heç mənim üzümə baxan da yoxdu (ağlayır). Şərəf xala (ağlayır). Doğrudan da, görəsən, bunun axırı nə olacaqdır? Zərəfşan. Ax, ər, ər. Dəxi ər-zad moddan düşübdür. Mərcan xanım (ağlaya-ağlaya). Yox dəxi biz ər üzü görmənik. Həsrət xala (ağlaya-ağlaya). Yox dəxi biz ər üzü görmənik. Çiçək və Zərəfşan da yavaşca ağlaşıb, çarqatlarının ucu ilə göz yaşlarını silirlər. Mərcan xanım da, Şərəf xala da, Həsrət xala da, Püstə də yavaşca ağlaşırlar. Bu heyndə iki nəfər qonşu arvadlarından başlarını içəri uzadıb soruşurlar. – Ay bacılar, bura yas yeridi? İçəri girib, başlayırlar ağlaşmağa. Bunlardan savayı, üç-dörd arvad girib və müvafiq qaydada hərə öz ölənlərini ünvan edib, başlayır ağlamağa. Mərcan xanımın ev adamları ağlaya-ağlaya deyir: Ər, ər, vay, yazıq canımız. Bu heyndə Nadir bala əlində kitab girir içəri və durur arvad məclisində, otağın ortalığında və üzünü tutur anasına və təəccüblə soruşur: Nadir bala. Ana, bu nə ağlaşmadı? Mərcan xanım. Bala, o yazıq atan yadıma düşdü, başladım ağlamağa. Bu ataları rəhmətliklər də səsimizi eşidib gəldilər. Bunların da qəlbləri nəzildi, başladılar bunlar da ağlaşmağa. Nadir bala ortada durub təəccüblə gah o arvada və gah bu arvada baxır. Arvadlar da buna baxırlar. Bir ovqat heç kəs dinmir. Nadir bala. Mən heç zad başa düşmürəm. Zərəfşan. Xalan qadanı alsın, dəxi niyə başa düşmürsən? Hərənin bir dərdi var, ağlayır da. Sən niyə arvad işinə qarışırsan, keç get otağına da. Həsrət xala. Bala, xalan yaxşı deyir, keç get işinə. Nadir bala. Həsrət xala, sən Allah, məni başa sal görüm bu nə yasdı, bəlkə bir adam ölüb? Mərcan xanım (gözünün yaşını silə-silə). Vallah, oğlum bir kəs ölməyib. Doğrusu, bu yazıq qızların dərdinə ağlaşırıq. Nadir bala. Necə qızların? Mərcan xanım. Nə bilim, əvvəl elə öz bacın Çiçəyin. Nadir bala (təəccüblə). Çiçəyə nə olub? Həsrət xala. Boy, başıma xeyir. Hələ soruşur da ki, Çiçəyə nə olub. Deyəsən ki, öz doğma bacısı deyil. Nadir bala (Həsrət xalaya tərəf çönür). Axır, soruşuram ki, Çiçəyə nə olub? Həsrət xala. A balam, axır nə vaxtadək iyirmi üç yaşında bir qız evdə qalıb ərə getməz? Nadir bala (təəccüblə). Elə bu? Birinci yad arvad. Boy, başıma xeyir, hələ bu azdı? Nadir bala (birinci arvada tərəf çönür). Sən nə deyirsən ey? Mərcan xanım. Bala, hirsini ye, bir qulaq as gör nə deyirlər. İkinci yad arvad. Boy, başıma xeyir, deyəsən ki, heç bunun bacısı deyil. Nadir bala. Xub, bacımdı, axır, ona nə olub? Üçüncü yad arvad. Nə olacaq, deyirdik ki, yazıq qız indiyə kimi niyə ərə getməsin? Nadir bala (ucadan, acıqlı). Cəhənnəmə getsin, gora getsin. Zərəfşan. Bala, bir de görüm oğlanlarla sən gəzib-dolanırsan, bir de görüm niyə onların biri gül kimi bacına elçi göndərmir? Dördüncü yad arvad. Bax, bu yaxşı sözdü. Beşinci yad arvad. Hələ bir bundan soruşmalı ki, bu özü niyə hələ evlənmir? Niyə? Bunun evlənməli vaxtı deyil? Birinci yad arvad. Çox əcəb vaxtıdı. Nadir bala (birinci yad arvada). Ay arvad, məndən əl çəkin! Mərcan xanım. Boy, başıma xeyir. Həsrət xala. Axır səndən soruşurlar ki, sən özün niyə evlənmirsən? İkinci yad arvad. Di, cavab ver görək, özün niyə bu qızların birini almırsan? Nadir bala (kitabı qaldırır başının üstə və istəyir vursun). Əl çəkin məndən, yoxsa, vallah, bilmirəm neyləyəm. Mərcan xanım. Ay balam, da niyə çığırırsan? Nadir bala. Çox yaxşı eləyirəm çığırıram. Mənim nə vaxtımdı ki, evlənəm? Həsrət xala. Necə nə vaxtımdı? Sən məgər, uşaqsan? İkinci yad arvad. Necə nə vaxtımdı? Üçüncü yad arvad. Çox əcəb vaxtındı. Nadir bala (onun üstə çığırır). Əl çək məndən kaftar. Mərcan xanım. Boy, başıma xeyir. Zərəfşan gəlir yapışır Nadir balanın qolundan və çəkə-çəkə aparır o biri otağa və Nadir bala gedə-gedə arvadlara çəmkirir, arvadlar da buna çəmkirir. Elə bil bir dəstə it dilənçinin başına qomarıb və dilənçi özünü qoruya-qoruya dalı-dalı gedir. Mərcan xanım. Hey, indi deyirsən, qızlarımıza ər tapılmır. Onların biri də elə mənim öz oğlanlarımdı. Hələ bunu niyə deyirsiniz. Böyük qardaşı Cahangirin iyirmi bir yaşı var, onun yanında heç evlənmək sözü danışmaq olar? Hələ bu yaxşıdı. Birinci yad arvad. Vallah, Mərcan bacı, and olsun Həzrət Abbasa, gecələri yuxu yuxulamıram. Axır bilmirəm ki, o başıdaşlı Gülpəri nə vaxt ərə gedəcək, vallah, bu qüssə məni öldürəcək. İkinci yad arvad (qabaqkı arvada). Bacıxanım, imam Hüseyn haqqı, elə mən də o gündəyəm. Üçüncü yad arvad. Hələ sizinki birdi. Allaha and olsun, qızlarımın üçü də yetişib, üç-dörd ildi ki, gözləri yoldadı (ah çəkir). Vallah, heç bilmirəm ki, axırı necə olacaq. Ax, vay! Həsrət xala. Peyğəmbərə and olsun ki, bu dərd yaman dərddi. Zərəfşan. Ax, aman Allah! Nadir bala (qapıdan başını uzadır və deyir). Ay arvadlar, mən heç başa düşə bilmirəm ki, özünüzə ər axtarırsınız, ya qızlarınıza ər axtarırsınız? Həsrət xala. O nə sözdü? Allah nə istəsə o olacaqdı. Qismətin nədi? Mərcan xanım. Niyə? Elə bircə qız ərə gedər? Dul arvad ərə getməz? Şərəf xala. Hələ onu de ki, görək ər tapılır ki, ya özümüz, ya qızımız ərə getsin? Dördüncü yad arvad. Xudavəndi-aləmin dərgahına and verirəm ki, o yazıq qızlarımıza bir gün ağlasın. Onların baxtını açsın. Mərcan xanım (arvadların birinə). Zeynəb bacı, Allah sənin o gülüzlü qızına bir nişanlı yetirsin, yoxsa onun da ərə getmək vaxtıdı. Dördüncü yad arvad. Mərcan bacı, and olsun mənim uşaqlarımın canına, mənim arzum budur ki, əvvəl Çiçək xanımın bəxti açılsın, sora da növbət bizimkilərə yetişsin. Birinci yad arvad (Zərəfşana). Ay Zərəfşan xanım, vallah, biz qızlardan danışırıq, bəs sənin nə vaxtındı ki, neçə illərnən evdə dul qalasan? Ömrünü cahil-cahil çürüdəsən. Sənin heç otuz yaşın yoxdu. Zərəfşan. Ay Qəmər xala. Mənnən deyil ki, hərənin bir qisməti var. İzzət nənə. Vay, vay, yazıq canım, bilmirəm balalarımın hansının dərdini çəkim. Bir yandan Çiçəyin dərdi, bir yandan Zərəfşanın dərdi məni alıb. Ax, yazıq canım. Şərəf xala. İmam Hüseyn haqqı yaman dərddi. Həsrət xala. Gör dünən yazıq Çiçək mənə nə deyir? Deyir, xala, mən elə ömrümün axırına kimi ərsiz qalacağam. Deyirəm, balam, səbr elə, Allah səbr eləyənləri dost tutar. Vallah, yazıq qıza elə ürəyim yandı ki, ağlamaq məni tutdu (ağlayır). Birinci yad arvad. Həsrət bacı, hələ məni demirsən, özgələri birinin dərdini çəkəndə, mən üçünün dərdini çəkirəm. Üçünün vaxtı yetişib, ər deyib hazır durublar. Həsrət bacı, vallah, onların dərdi mənə gecələr rahatlıq vermir, yuxu da yuxulaya bilmirəm (doluxsunur). Üçüncü yad arvad. Ax, siz deyirsiz ki, yəni bu ömürdü ki, ömür eləyirik? Zəhrimar olsun elə ömür ki, biz ömür eləyirik. Elə bizim biçarə Zərgül sübh tezdən yerindən qalxır, elə belə görürəm ki, xəlvətcə akoşkanın qabağını kəsib, küçədən keçənlərə vurhavur əl eləyir və oğlanlara baxır. Elə səhərdən axşamadək peşəsi ah çəkməkdi. Bilmirəm, bu yazığın axırı necə olacaq? Ah, yazıq qız (dolxusunur). Dördüncü yad arvad (ağlaya-ağlaya bir söz danışır və yaxşı eşidilmir. Ancaq hər cümlənin axırında bu kəlmə aşkar eşidilir). Ər, ər… (Qeyri arvadlar da ölüyə ağlayan kimi səs-səsə verib ağlaşıb oxşayırlar). Ər, ər... Elə bil ki, ölüyə ağlaşırlar. Həsrət xanım, Zərəfşan, Şərəf xala, İzzət nənə ağlayana oxşayırlar. Çarqatlarının ucu ilə gözlərini silirlər. Bu heyndə Cahangir qoltuğunda kitablar tələsik girir içəri və tövşüyə-tövşüyə durur məclisin ortasında və deyir: Cahangir. Ana, bu nə ağlaşmadı, nə bədbəxtçilik üz veribdi? Ana, sən Allah, tez mənə doğrusunu de. Yoxsa, darülfünundan bura kimi qaçmışam. Qonşumuz Aslan Mirzə darülfünunda məndən soruşdu ki, sizdə nə ağlaşmadı? Ana, sən Allah, tez cavab ver. Mərcan xanım. Oğlum, qorxma, elə bir şey yoxdu. İzzət nənə. Bala, inşallah, bir şey yoxdu. Zərəfşan. Bala, ürəyini sıxma, Allah kərimdi. Cahangir (yad arvadlara diqqət eləyir). Bu arvadlar bura cəm olmaqda yəqin bir şey var ki, yığışıblar. Həsrət xala. Bala, elə bir ölüm-itim yoxdu. Ancaq elə onlar da biz dərddədi, onunçün yığışıblar ki, bir yerdə dərdləşək. Cahangir. Bəs, Nadir bala hanı? Mərcan xanım. Nadir bala da lap ipdən-sapdan çıxıb, lap ağlı-zadı da qaçıb. İzzət nənə. Yazıq, o yola ki, Nadir bala düşübdü, elə bir dərd də Nadirin dərdidi. Cahangir. Mən sizə yalvarıram ki, axır ağlaşmanıza səbəb nədi? Mürşid dayımdan nə xəbər? Azarlı deyil? Mən ölüm, ana, qohuməqrəbadan azar-bizar xəbəri, ölüm-itim xəbəri eşitməyibsiniz ki? Zərəfşan. Cahangir, sənin canın üçün heç bir azar-bizar xəbəri bir yandan eşitməmişik. Arvadlardan bir-ikisi durub ayağa, getməyə hazırlaşırlar. Cahangir. Bəs, bu arvadlar kimdirlər? Mərcan xanım. O ayaq üstə duranların biri Faisə xala, biri Üzeyirin dostu Xanımdı. Yerdə oturanlar da Şirin xanım, biri Çəpkən xaladı və o tərəfdə duran da İbrahimin arvadı Dükcə bacıdı. Cahangir mat və məəttəl qalıb bir şey başa düşmür və dinmir. Birinci yad arvad (Mərcan xanıma). Mərcan xanım, Cahangir bəy yəqin ki, işdən halı deyil. Çünki nigarana oxşuyur. Yaxşısı budu ki, mətləbi açaq qoyaq ortalığa. Mərcan xanım (birinci arvada). Vallah, biz çox demişik. İstəyirsən, indi də sən de. Bəlkə, sənin sözün Cahangirə kar eləyə. Cahangir anası danışanda diqqətlə ona baxır, birinci yad arvad danışanda diqqətlə ona baxır. Birinci yad arvad. A bala, Cahangir bəy, bəs, bu qıza sənin yazığın gəlmir? Cahangir. Hansı qıza? Birinci yad arvad. O Çiçək xanıma. Cahangir. Çiçək xanıma nə olub ki? Birinci yad arvad. Bəs, bu qız nə vədəyədək ərə getməyib, evdə qalacaq? Cahangir (acıqlı). Elə bu? (Anasına tərəf acıqlı və ucadan) Ana, bu arvadları tez buradan rədd elə, yoxsa bu saat burada biabırçılıq salaram. Arvadlar dururlar ayağa ki, getsinlər. Küçədə uşaqların səs-küyü eşidilir. Nadir bala (öz sinnində bir uşağın qolundan yapışıb çəkir otağa). Xala, bax, bu oğlan evlənmək istəyir, dediyin qızların birisini verin bu oğlana. Mərcan xanım təşvişə düşür, yad arvadlardan xəcalət çəkir, Cahangir onları qovur və Nadir bala da onlara sataşır. Mərcan xanım (Nadir balaya). Nadir, cəhənnəm ol buradan get və o sözləri ağzına alıb danışma. Cahangir (arvadlara üzünü tutur). Bax, belə olar. Çox xoşuma gəldi. Sizin kimi arvadların cavabını bu uşaqlar verə bilər. Hey, niyə dinmirsiniz? Ər axtarırsınız? Bu da sizə ər. Burada otağa beş-altı uşaq hücum çəkir. Birinci uşaqlar o biri uşağın qolundan tutub çəkir qabağa və arvadlara tərəf üzünü tutur. Birinci uşaq. Çölmək xala, bu oğlan da evlənmək istəyir. O qızların birini də bu oğlana verin. O biri uşaq da qeyri birinin əlindən tutub çəkir qabağa. Cahangir (öz otağından çıxıb uşaqlara bərk çığırır). Cəhənnəm olun buradan (uşaqlar çəkilirlər, arvadlara tərəf). Siz də rədd olun, yoxsa peşman olarsınız. Uşaqlar rədd olur, arvadlar da onların dalınca çıxırlar. Mərcan xanımdan başqa ev adamlarının hamısı gizlənir. Qalır bircə Mərcan xanım və Cahangir. Cahangir. Mən dəxi heç bir kəsi başa sala bilmərəm ki, bu evdə bir dəstə qadın ər axtarmaq yolunda elə bir yas qurublar ki, guya, əziz bir qohumları ölübdür. Heç kəsi inandıra bilmərəm ki, o arvadların biri mənim anam Mərcandır, biri mənim bacım Çiçəkdir. Mərcan mərkəzi qadınlar klubunun rəhbəri, mədəni hücum heyətinin sədri, şura məktəbinin müdirəsi, firqə namizədi Cahangirin anası Mərcandır. Onun qızı Çiçək – sabiqdə Tağıyev gimnaziyasının talibəsi, həmin məktəbi bitirmiş və bitirəndən sonra həmin məktəbdə müəllimlik vəzifəsini qazanmış və mədəni hücumda hər bir komissiyada aktiv iştirak etmiş bir qızdır. Bir de görüm, ana, mən kimə cavab verə biləcəyəm? Mərcan xanım gəlir akoşkaları örtməyə başlayır. Mərcan xanım (alçaq səslə). A balam, ta niyə çığırırsan? Bəlkə küçədə dost-düşmən var, bəlkə sənin sözlərini onlar eşidirlər. Cahangir. Küçədən ötən dost-düşmən… (Mürşüd dayı yavaşca girir otağa). Çoxdan siz cici-bacıların nərə çəkməyini eşidiblər və öz hesablarını aparıblar. İndi onu bilirlər ki, biz Çiçəyə ər tapmaq yolunda küpəgirən qarıları bura toplayıb, böyük bir mərəkə qopardırıq. Vay mənim halıma. Öl, öl, firqə namizədi Cahangir!!! Mürşüd dayı (uşaq kimi qaçır, əvvəl əlini qoyur Cahangirin ağzının üstünə, yavaşca deyir). Bir dinmə sus. Uşaq kimi qaça-qaça gedir akoşkaları bərk-bərk örtür. Otaq qaranlıq olur. Sonra uşaq kimi gedir Mərcan xanımın əlindən yapışıb aparır hərəmxana otağına, gəlir durur Cahangirin ən yavuğunda və yavaşca deyir. Mürşüd dayı. Sən məni köhnəpərəst və köhnə adam hesab eləmə. Mən də elə siz təzələr tək deyirəm ki, övlad ata-anaya hər sözü aşkar deyə bilər və lazım olan yerdə ata-anaya ağ da ola bilər. Ancaq mənim sözüm budur ki, heç bir sirri açmaq olmaz. Bu barədə mən əvvəl Mərcanı qınayırdım ki, ər məsələsini qohum-qonşuyadək nəşr edir. Saniyən sən Cahangiri də mən səhv eləmiş görürəm, çünki Mərcan kimi təcrübəsiz bir arvada qoşulub, çığır-bağır eləyir, ev sirrini evdən küçəyə çıxarırsan. Cahangir. Dayı, sən bir fikir elə ki, bir evdə bir qadın yaşıya, özü tərbiyəli və dərsli, ictimai işlərdə çalışan bir qadın. Peşəsi dərs, kitab və maarif, özü və qızı mədəni hücumda da həmişə qabaqda getsinlər. Sübh və şam ictimai işlərdən geri durmayan bir evin qabağından keçəndə qulağına bir ah-nalə çata: – Ax, ər, ər! Mürşüd dayı yavuqlaşıb istəyir Cahangirin ağzını əlilə örtə. Cahangir dəxi əlini rədd edir və dayısına deyir: Cahangir. Sən Allah, dayı, qoy sözümü deyim, qoy, ürəyimi boşaldım, yoxsa, bağrım çatlayır. Qapının dalından Mərcan xanım başını uzadıb, qorxa-qorxa deyir: Mərcan xanım. Bala, Cahangir, bu dəfəliyə sən bizi bağışla, aman günüdü, bu dəfəliyə sən günahımızdan keç. Vallah, Zərəfşan da, Çiçək də, hətta anam da xəcalətdən ölüb qurtarıblar. Mürşüd dayı (qaçır, öz zoru ilə qapını basır ki, Mərcanın səsi kəsilsin və qaça-qaça deyir). Sus!.. Cahangir (üzünü iki əli ilə örtür) Bax, bax, indi yoldaşların gör nə deyəcəklər: – Budur, firqəmizin aktiv üzvləri və hətta rəhbərləri. Budur, onların ictimai mənşəyi. Cahangir kimi hər biri xan-sultan balaları. Bir üzlərini firqəyə tərəf tutub deyirlər: Bizik Mars-Leninin xəttilə hərəkət edənlər və eyni zamanda da ikinci üzlərini köhnə dudmanlarına tutub, yetişmiş qızlarını ictimai işlərdən qaçırtmaq üçün onların tez bir vaxtda ərə getməklərinə səbrsizlik ilə müntəzirdirlər. Elə bir səbrsizlik ilə ki, bu işin təxirinə yas tutub, cici-bacılar məclisində yas qururlar. Vay, vay (üzüörtülü yıxılır divan döşəyinin üstə və ağlayır). Mürşüd dayı (böyük təşvişlə Cahangirə). Sus, dinmə, dinmə… Cahangir danışdıqca qaçır və axırda da gedir hərəmxana otağının qapısını daldan bağlayır. Kimsə oradan gəlmək istəyir. Mürşüd dayı (yavaşcadan deyir). Allah xatirinə gəlməyin, Allah xatirinə gəlməyin. Cahangir birdən uzandığı yerdən qalxır və papağını qoyur ki, dursun bir yana getsin. Mürşüd dayı bərk yapışır onun qolundan və yavaşca deyir. Mürşüd dayı. Sənin canın üçün, qoymanam. Sən çox narahatsan, gəl, gedək otağında yarımca saat uzan, sinirlərin dincəlsin. Cahangir bir qədər dinmir və dayısının üzünə baxır. Sonra deyir: Cahangir. Mürşüd dayı, istəyirəm acıqnan bu saat gedəm ərizə verəm, firqədən çıxam. Mürşüd dayı bir addım çəkilir geri və bir söz demir. Cahangir cəld durur ayağa. Dəxi bir söz deməyib çıxır küçəyə, gedir. Mürşüd dayı gedir, arvad otağının qapısını yavaşca açır. Mərcan xanım yavaşca girir içəri və o üzə-bu üzə baxır, Cahangiri görmür. Mürşüd dayı sağ əli ilə ağzında danışmamağı işarə edir. Mərcan xanım (yavaşca). Deyəsən, Cahangir gedibdi. Mürşüd dayı (yavaşca). Gedibdir. Mərcan xanım. Dadaş, sən Allah, akoşkanın birini aç, lap təngənəfəs olduq. Mürşüd dayı (bir ah çəkəndən sonra). Mərcan get Zərəfşanı, Çiçəyi və anamı çağır, gəlsinlər bura. Amma dəxi saydığını adamlardan savayı bir kəs gəlməsin (Mərcan gedir). Mürşüd dayı əlləri dalında otaqda var-gəl eləyir. Mərcan girir içəri. Mürşüd dayı. Bəs, Nadir bala hardadı? Mərcan xanım. Bu gün o çörəyə gəlməyib, ancaq, arvadlarnan bayaq sözləşdi, yenə çıxdı, getdi. Zərəfşan, Çiçək və İzzət nənə gəlirlər. Mürşüd dayı gedir yenə akoşkaların qapılarını örtür, ancaq birini açıq qoyur. Mərcan xanıma tərəf üzünü tutur. Mürşüd dayı (yavaşca). Mərcan, o qonşu arvadlarını bayaq kim bura çağırmışdı? Mərcan xanım. Dadaş, sənin canına, bir kəs çağırmamışdı, ancaq özləri gəlmişdi. Mürşüd dayı. Bəs, ərə getmək söhbətini (o üzə-bu üzə baxır və küçə akoşkasına tərəf baxır. ) kim burada açmışdı? Arvadlardan bir kəs dinmir. Çiçək utandığından yavaş-yavaş getmək istəyir. Mürşüd dayı gedib onu qaytarır. Mürşüd dayı. Çox böyük səhv, çox böyük qələt (Çiçəyə tərəf) Çiçək, sən gedə bilərsən. Çiçək gedir, Mürşüd dayı gedib onun dalınca qapını bağlayır. Mürşüd dayı. Mərcan, əvvəla, o yas məclisini ki, bu gün burada qurdunuz, o məclisi burada qurmağa heç lüzum yox idi. İkinci də budur ki, o məclisə qonşu arvadlarını çağırmaq və yad arvadlara sirr vermək böyük bir qəflətdir. Mərcan xanım (öz-özünə). Bax, bunu dadaşım düz deyir. Zərəfşan xanım. Dadaş, bəs, Cahangir hara getdi? Mürşüd dayı bu suala cavab vermir və öz tərəfindən arvadlara bu sualı verir. Mürşüd dayı. Söz yox ki, bu gün Qalxan bəy çörəyə gəlmədi. Mərcan xanım. Dadaş, sən yəqin bilirsən ki, gəlmədi? Mürşüd dayı. Mən onu bilirəm ki, (o üzə-bu üzə baxıb, papirosunu eşir) mən onu bilirəm ki, (yavaşca o tərəfə bu tərəfə baxandan sonra durub gedir akoşkadan küçəyə baxır) hamı cahil-cuhulu bu evdən ürküdüb qaçırdacaqsınız. Mərcan xanım. Dadaş, biz nə eləyirik ki, cahıl-cuhul bizdən qaçır? Mürşüd dayı. Onları müştəbeh eləyirsiniz. Mərcan xanım. Biz axır nə eləyirik? Mürşüd dayı. Onlar qonaq gələndə zəncəfil-çörəklərin və şəkər-çörəklərin, qurabiyələrin dalını kəsmirsiniz. Müşənbə plovların, fisincan plovların dalını kəsmirsiniz, onlar müştəbeh olub qaçırlar. Zərəfşan xanım. Dadaş, sən də elə Cahangir kimi danışırsan. Mürşüd dayı (o üzə-bu üzə baxıb və lap yavaşcadan). Cahangiri mən çox xoşlayıram. Çünki çox qeyrətlidir. Bircə məsləkcə mən ondan ayrıyam. Bu da əvvəl-axır düzələcək (durub gedir küçəyə xəlvətcə baxır). Amma Mərcan, bu sözləri ancaq sizə deyirəm ha! Zərəfşan, bax mənim xasiyyətimi bilirsən ha. Bu sözləri ancaq sizin ikinizə deyirəm. Mərcan xanım. Dadaş, Qalxan bəy barəsində dediyinə mən şərik deyiləm. Qalxan bəy zəncəfil-çörəkdən və fisincan plovdan qaçan deyil. Mürşüd dayı (o üzə bu üzə baxır). Qız, bir az yavaşdan danışsan xəta ki, olmaz. Mərcan xanım. Qalxan bəy bizim evdən o səbəbə qaçır ki, Cahangir onu istəmir. Mürşüd dayı. Mərcan, (akoşkalara baxır) bu məsələdə günah yenə sizdədir. Mərcan xanım (darıxır). Eh, dadaş, sən elə dünyanın günahlarının hamısını bizim üstümüzə deyəsən yıxacaqsan. Axı biz başıdaşlı nə eləyirik? Mürşüd dayı. Cahangir istəyir ki, Çiçək ali məktəblərə girsin və dərs oxusun. Ancaq siz Çiçəyi ərə vermək istəyirsiniz. Özü də Qalxan bəyə. Bəy və xanla da Cahangir qohum olmaq istəmir. Vəssəlam. Zərəfşan xanım. Ay dadaş, vallah, belə deyil, billah, belə deyil. Nə eləyirik, heç Qalxan bəy olmasın, qoy rəiyyət olsun, qoy çoban olsun, tərəkəmə olsun, kəndli olsun, ancaq ər olsun. Söz yox ki, qanacağı və dərsi olsun. Hər kəs olur-olsun, yoxsa yazıq qız bu il 24-ə ayaq qoyur. Bəs axırı necə olsun? Elə ölənə kimi evdə çürüməyəcək ki? Cahangir girir içəri və Zərəfşanın axırıncı sözlərinin cavabında belə söyləyir. Cahangir. Xala, belə sənin başına dolanım, axır bir de görüm, hərənin bir məsləki, hərənin bir əqidəsi olar? Görürsən biri müsəlmandı, biri xaçpərəstdir, sünnüdür, şiədir. Mənim də məsləkim budur. Sən bəyi-xanı xoşlayırsanmı? Mən də çoban və tərəkəməni xoşlayıram. Sözün nədir? Yoxsa, sən elə bilirsən mən Çiçəyi istəmirəm? Sənin canın üçün dünyalarca istəyirəm (Mərcan xanım dəsmalını gözlərinə basır). Ancaq mən Qalxan bəyi istəmirəm. Ondan ötrü ki, o bəy və bəypərəstdir. Onunla qohum olmaq da istəmirəm, hərçənd ki, bir 7 qədər dövləti də var. Hazır öz professorumuz Şahzadə Ərvahallah xan ki, Qalxan bəydən min dəfə dövlətli, nəcabətlidir. Mən belə bir vücudu da qohumluğa qəbul etməkdən uzağam. Bir surətdə ki, elm və tərbiyəcə çox da professordu. Hazır günü dünən mənə söhbət arasında professor Ərvahallah xan deyir ki, Cahangir bəy dünən mən sizin evin qabağından keçəndə akoşkanızda 4-5 nəfər qadın xeylağı gördüm. Onlar zahirdə nəcib, yəqin ki, batində tərbiyəli və nəcabət sahibi olarlar. Gərək əcaba öz professorunu o alicənab xatınlarla görüşdürüb, onların şirin söhbətinə şərəfyab edəsən. Mən belə bir təklifin müqabilində ancaq “ya qismət” deyə bildim. O yerdə ki, özgə yoldaşlarım mənim yerimə yapışardı professorun qolundan, onu dalına mindirib, gətirərdi evinə. Mən də belə adamam. Dəxi nə eləyim. Mənlə deyil ki, özü də kim? – professor, əsəbilər xəstəxanasının baş direktoru, Türküstan şahzadəsi Ərvahallah xan. Bu sözü eşidən kimi Mürşüd dayı təəccübdən qalxır ayağa. Mərcan xanım da dikəlib qalxır və gəlib Cahangiri qucaqlayır və o üzündən, bu üzündən öpür. Zərəfşan qapını açır. Zərəfşan xanım. Çiçək, Çiçək! Çiçək və Püstə gəlirlər. Çiçək. Nə var? İzzət nənə ah-vayla gəlir. Həsrət xala, Şərəf xala gəlirlər. Arvadlar qarışır bir-birinə. Həsrət xala. Boy, başıma xeyir. Şərəf xala. Boy, ay uşaq, nə vaxt şahzadə bizi görüb? Mürşüd dayı arvadları sakit eləyir, hərəni öz yerində oturtdurur. Gedir Mərcan xanımın qulağına bir şey deyir. Mərcan xanım arvadları aparır. Mürşüd dayı ilə Cahangir qalır. Mürşüd dayı akoşkaları örtür və elektrik çıraqlarını yandırır ki, səs bir yana getməsin və gəlir oturur Cahangirin yanında. Əlini qoyur onun əlinin üstə və o tərəf-bu tərəfə baxa-baxa qorxan adam kimi deyir. Mürşüd dayı. Bəzi vaxt xoşbəxtlik insanın lap yanından ötür, ancaq insan onu duymur. İndi də bacıoğlu, mən lazım bilirəm, səni agah edəm ki, indinin bu saatında xoşbəxtlik sənin və ailənin çox yavuğundadır. Ancaq istifadə etməyi də bacarmaq lazımdır. Cahangir. Əzizim dayı, sənin də, bütün ailəmin də mənə gərək yazıqları gəlsin. Mən firqəçiyəm. Firqə mənim öhdəmə min vəzifə qoyub və bu müəyyən xüsusi cığıra xüsusi xətt tuş edibdir. Dünya xoşbəxtliyindən başqa, bədən xoşbəxtliyindən başqa axırda insanda bir ruh xoşbəxtliyi də var. Hə, bəlkə belə deyil? Mürşüd dayı. Yavaş, yavaş. Cahangir (yavaş-yavaş cuşa gəlir, səsini ucaldır). Belə olanda əsil insan ki, bir müəyyən vəzifəni boynuna götürüb, gərək o yükü mənzilinə aparıb çıxarda, gərək xətti-hərəkətini itirməyə. Yoxsa, özünü boş qoyub, hansı yola tuş gəlsə, onda o dəxi adamlıqdan çıxar. Bir əsgiyə, bəlkə zibilə dönüb, məhv olar. Arvad otağından Mərcan xanım başını göstərən kimi Mürşüd dayı tez qaçır, onu rədd edir. Qapını çəkib, öz tərəfindən bağlayır. Mərcan xanıma tərəf işarə edir ki, dinməsin. Mürşüd dayı. İndi qulaq as. Mən sənə tək bircə söz demək istəyirəm. Ancaq sənə yalvarıram ki, mən dediyim sözə məndən dəlil və sübut istəməyəsən. Və birdən cuşa gəlib partlasan, onda mən dəxi səninlə danışmayıb, çıxıb gedəcəyəm. Cahangir. De görüm, nə deyirsən? Mürşüd dayı (o tərəf-bu tərəfə baxa-baxa). Əgər sən bu gün professor və şahzadə Ərvahallah xan ilə qohum olmağa qədəm qoysan… Cahangir (diqqətlə qulaq asır və bu yerdə deyir). Hə, nə olar? Mürşüd dayı. O vaxt firqə səndən razı olar. Cahangir (təəccüblə). Razı olar? Cahangir əsəbi gülür və durur ayağa. Mürşüd dayı. Bəs, şərt qoymuşduq ki, sən məndən dəlil və sübut istəməyəsən? Cahangir. Xub, de. Mürşüd dayı. Yəqin yaxşı diqqət verirsən. Cahangir. Verirəm. Mürşüd dayı. Xub, di qulaq as. Mənə məlumdur ki, sizin bu saat və bu dəqiqə mədəni hücumunuz heç bir nəticə bağışlamır. Səbəb də dağlı məhəlləsinin sahibsiz uşaqlarının dəftər, qələm və ayaqqabı pulunu tapa bilmirsiniz. Əgər belə deyilsə budur anan Mərcan xanım və bacın Çiçək ki, mədəni hücumda iştirak eləyirlər, bazar-dükanı qapı-qapı gəzir, ianə toplamaqda isə spekulyantlara da yalvarıb-yaxarmaqdadırlar. Bu səbəbdən də işləri bərk axsayır. Amma şahzadə Mirzə Ərvahallah xanın tək bircə Çərco mahalında Quvarcıq kəndindən gələn mədaxilindən yüz dağlı məhləsinin uşaqlarının təhsil xərcini yetirmək olar. Bu, bir. Əgər sən professor Ərvahallah xan ilə qohum olsan, o səni təhsil üçün öz xərcinə İngiltərənin Oksford darülfünunu-na göndərər. Bir neçə ildən sonra, sən də onun kimi professor olarsan. Bu, iki. Əgər sən şahzadə Ərvahallah xanla qohum olsan, ol vaxt Nadir bala da, mən də və sair yavuqların da onunla qohum olar, biz hamımız cəmi Türküstanda hərəmiz istəsək, böyük bir hörmət və vəzifəyə nail olarıq. Bax, götürək Qalxan bəyi. Doğru sözdü, mən özüm də heç bir vaxt onu dost tutmamışam. Ancaq onun dövlətinin xatirəsinə mən həmişə demişəm ki, ona hörmət eləyin. Mərcan xanım. Dadaş, yəni professor Ərvahallah xan elə cəlallı adamdı? Mürşüd dayı. Mən ancaq indi şahzadə Ərvahallahxan Mirzəni tanıya bilirəm. Bu vücud Fətullah xan Türküstanının nəvəsidir. Nadir şah tarixi 1151 hicridə Hindistanı təsxir edəndən sonra gəldi Türküstana və oranı Mirzə Fətullah xan Türküstanini də basıb, yenə məmləkəti özünə qaytardı. Ancaq Türküstandan neçə qatır yükü qızıl apardı. Bu, indiki Ərvahallahxan həmin Fətullah xanın nəvəsidir və Rzaqulu xanın oğludur. Zərəfşan da, Çiçək də onun dalınca daxil olurlar. Cahangir. Dayı, sən, deyəsən, İran tarixini yaxşı bilirsən? Mürşüd dayı. Bəli, bilirəm. Cahangir. Dayı, bu elmləri sən harada öyrənmisən? Mürşüd dayı. Mən, doğrusu, məktəb üzü görməmişəm. Amma elmlərin çoxundan xəbərdaram. Cahangir. Ancaq bu elmlərin içində mən filosofiya elmindən bir şey baş aça bilmədim. Mürşüd dayı. Filosofiya gözəl elmdir. Mərcan xanım (Cahangirə). Cahangir, yəqin ki, sənin şahzadə professorun filosofiya elmini ətraflı təhsil eləyibdir. Mürşüd dayı. O baxır ki, şahzadə Ərvahallahxan hansı məktəbin tərəfdarıdır. Əgər köhnə filosoflar tərəfdarıdırsa, onda demək olar ki, şahzadə Ərvahallahxan filosofiyaya köhnədə əl verib və bu el- 11 min əsaslarına da lazimi qədər vaqifdir. Məsələn: Demokritçilər, ta əvvəl VII əsrdən filosofların axırıncısı Hegelədək yaranmış hər bir təsniyyə üsulu ilə şərh edilərdi və heç bir vaxt filosofiya elmində vəhdaniyyəti qəbul etməzdilər. Amma təzə filosoflar Şopenqa yerdən başlamış təklik söhbətini aralığa götürmüşsə də, bil, bir qol ayırıblar. İkilik ilə birlikdə başqa mücərrəd bir çığır da bina etdilər ki, bu da indiyədək Almaniya darülfünunda bir çox filosoflar arasında böyük mücadiləyə bais oldu. Xülasə, burada danışmalı söz çoxdur. (Saatını çıxarıb baxır). Amma heyif ki, vaxtım yoxdur. Cahangir. Dayı, mən sənin bu elmi söhbətlərini çox xoşlayıram. Bu şərtlə ki, qeyri bir guşələrə əl atmayasan. Bəzi vaxt elə işarələr eləyirsən ki, xoşuma gəlmir. Mürşüd dayı (yavuq gəlir). Get dolanginən, xamsan hənüz. Mən sənə hər nə ki, demişəm, istər xoşluyasan, istər xoşlaumayasan, tamamən, başdan axıradək səhihdir. Mərcan xanım (Mürşüd dayıya). Dadaş, hara gedirsən? Mürşüd dayı. Sözünü de. Mərcan xanım (qabaqca bilmir nə desin). Axır görüm nə deyəcəkdim… Mürşüd dayı. Hə... (Cahangirə). Çox burada filosofiyadan söhbət düşdü, mənim də xəyalıma gəlir ki, professor Ərvahallahxan istəsə, mənim şəkk-düyünümü aça bilər. Çünki məşhur Fransa filosofu-nun “Həyat və məmamət” adında bir risaləsi var. Orada filosof bir cümlə buraxıb ki, mən başa düşə bilmirəm. Orada 31-ci səhifədə 4-cü abzasda filosof səhv edib, ya mürəttib xəta edib. Mən bu barədə istərdim professor Ərvahallah xanla görüşüb, onunla danışım. Bilmirəm nə vaxt və harada müyəssər olar? (Mərcan xanıma göz vurur). Mərcan xanım (Cahangirə). Cahangir, gəlsənə professoru və müəllimini bizə qonaq çağırasan. Oxuduğu elmlərdən söhbət eləsin, qulaq asaq. Və dayın da o vücud ilə görüşüb, bilmədiyini öyrənsin. Zərəfşan xanım. Vallah, yaxşı sözdür. Mərcan xanım. Görək Cahangir nə deyir? Mürşüd dayı Mərcan xanıma tərəf baxır və bir söz demir. Cahangir (dayısına). Mürşüd dayı, səni and verirəm əzizlərinin canına və ölənlərinin ruhuna, məni firqə yoldaşlarımın yanında biəzm eləmə. Əgər professor mənim müəllimimdir, mən bu qonaqlıqdan əl çəkirəm. Niyə? Əgər siz məni bir zərrə qədərincə istəyirsiniz, bu işdən əl götürün. Professor Ərvahallah xan bizə heç vaxt gəlməyibdir. Əgər biz onu qonaq çağırsaq, onun qabağına bircə bozbaşnan, bir tikə soğan qoyub, yola salmaq olmaz. Şahzadə professorun şəninə cəlallı və həşəmətli bir ziyafət yaraşır. Mərcan xanım. Mən ona elə qonaqlıq verərəm ki, şaha layiq olsun. Mürşüd dayı (Durub gedir əlini Mərcan xanımın ağzına basır). Bir kəs səsini, görək başımıza nə gəlir. Cahangir. Dayıcan, mən heç bir vəchlə razı olmazdım ki, zəhmətkeşlərin qatili və rəiyyətin qanını soran və onları istismar edənlərdən bir kəs ilə əlaqədə olam. Onlar ilə iş tutam. Ancaq zəmani ki, filosofiya elmindən sənin bir məsələ həllinə ehtiyaclığın var və o məsələni də açmaqda sənə Şahzadə ilə bir münasib yerdə görüşmək lazım olub, bu səbəbdən onun bizə qonaq çağırılmasına razılıq verərəm. Mürşüd dayı əlaltdan Mərcan xanıma baxır, xanımlar sevincək təşvişə düşürlər. Cahangir gedir otağına. Mərcan xanım (gedir Mürşüd dayının üzündən öpür və cibindən bir-iki qızıl pul çıxardır, verir ona). Dadaş, mənim bazarın əhvalından xəbərim yoxdur. Apar bu pulları kağız eylə. Nə qədər olsa, onu şahzadənin qonaqlarına məsrəf eylə. Doğrudur, sən bilirsən ki, hər bir qonaqlığa biz bu qədər pul xərcləyə bilmərik. Cahangir. Niyə xərcləyə bilmirsən? Sənin həftənin bu başı və o başına qonaqlığına bundan artıq xərcin çıxır. Mərcan xanım. Bala, vallah, hamısını Çiçəyin yolunda xərcləyirəm. Bəlkə yazığın bəxti açıla. Cahangir. Doğrusu, mən bilmirəm kimin yolunda xərcləyirsən. Mərcan xanım. Eh, Allah kərimdi. Bir arxa ki, bir dəfə su gəlib, ümid var ki, bir də gələ. Allah kərimdi. Zərəfşan xanım (Mərcan xanıma). Mərcan, Bədircahan arvadı çağıraq plovu o bişirsin. Mürşüd dayı. Amma elə bilirəm ki, Məşədi Kərim arvad aşpazından yaxşıdır. Çünki Təbrizdə vəliəhdin plovunu həmişə Məşədi Kərim bişiribdir. Cahangir (Mürşüd dayıya). Dayıcan, görəsən, Türküstanda quş ovu yaxşıdır? Mürşüd dayı. Ax, necə? Cahangir. Görəsən hansı quşun ovu orada şöhrətlidir? Mürşüd dayı. Deyirlər Banabataqan quşu çox şöhrətlidir. (Mərcan xanıma göz eləyir). Zərəfşan xanım (sandığından bir-iki qızıl çıxarıb verir). Dadaş, deyirlər Təbrizdən vəliəhdin öz xanəndəsi öz yoldaşları ilə burada ali məclislərdə oxuyub-çalırlar. Dadaş, sən mənim canım, onları çağır, oxuyub-çalsınlar. Bu da onların xərci (qızılları verir). Qoy, Çiçəyə qurban olsun. Püstə (şad-xürrəm atıla-atıla girir içəri və Mərcan xanıma). Xala, qonaqlığımız nə vaxtdır? Mərcan xanım (bir qədər fikirli). Qoy görüm, hələ bilmirik. Püstə sevincək gedir. Mürşüd dayı. Mərcan, bilirsən, məni həmişə narahat eləyən nə məsələdir? Mərcan xanım. Yox. Mürşüd dayı (yavaşca qapıya tərəf baxır). Mən bir şeydən çox qorxuram. Qorxuram şahzadə Püstəyə aşiq olmuş ola. Mərcan xanım. Elə mənim fikrimə də bu gəlir. Mürşüd dayı (fikir eləyir). Hər şeyi ötüşdürmək olar. Ancaq bu barədə mən acizəm. Mərcan xanım. Bəs, neyləyək? (Hər ikisi də fikirləşir). Mürşüd dayı. Söz yox ki, Püstəni bir neçə günlüyə kəndə göndərmək olmaz. Mərcan xanım. Yox, getməz. Nə özü gedər, nə Cahangir qoyar. Sən məgər bilmirsənmi ki, bunlar dilbirdirlər. Çünki Cahangirin fikri Püstəni qızlar dəstəsinə, mədəni hücuma yazdırmaqdır. Görmürsən, məgər, Püstənin dərslərinə özü baxır? Mürşüd dayı. Mən elə güman edirəm ki, Cahangir görsə ki, Püstə Çiçəyin qabağını kəsər, bəlkə Cahangir də Püstənin kənar olmasına razı olar. Mərcan xanım. Ağlım kəsmir. Mürşüd dayı. Mərcan, məsələnin maraqlı tərəfi budur ki, görək şahzadə qızların hansını xoşlayıbdır? Mərcan xanım. Hələ, mən ondan da artıq deyirəm (Qapılara tərəf baxır). Zərəfşanı da xoşlaya bilər. Püstəni demirəm, amma, Zərəfşan Çiçəkdən ki, göyçəkdir. Mürşüd dayı. Hər halda, Püstə bizim üçün böyük əngəldir. Mərcan xanım. Dadaş, yaxşı olardı birtəhər qızı başdan eləyərdik. Uzaq bir yana gedəydi. Qonaqlıqda burada olmayaydı. Mürşüd dayı (yavaşca). Bir bəhanə ilə bir neçə günlüyə kəndə göndərə bilərik. Mərcan xanım. Yəni Püstə kəndə getmək istəyər? Atası deyirlər xəstədir. Amma dəxi qonaqlıq adı ki, gəldi, dəxi qonaqlıq sovuşmayınca bir yana tərpənməyəcək. Mən onun xasiyyətinə bələdəm. Mürşüd dayı (durub var-gəl edib, fikirləşir.). Mərcan, qoy, Püstə gəlsin bura. (Zərəfşan xanım gedir Püstənin dalınca). Mürşüd dayı. Mənim xəyalım sabah yox, biri gün şahzadəni bura çağırmaqdır. Sabah qızı yola salsaq, başdan olar. Mərcan xanım. Elə çətin iş onu yola salmaqdı. Mürşüd dayı. Çətin deyil. (Püstə girir içəri). Hə, görək şahzadəni necə yola salacayıq. Püstə. Necə yola salacayıq? Çox yaxşı salacayıq. Mürşüd dayı. Amma öz aramızdı, Püstə xanım, sən istəyirdin cavan qızlar dəstəsinə yazılasan. Və cəmiyyət tərəfdarı olasan. Amma indi danışırlar ki, Püstə xanım məsləkini və etiqadını satıb, indi də şahzadələrlə oturub durur. Və kənddə atası azarlı ola-ola gedib onu yoxlamaq da istəmir. Püstə (coşur). Xeyr, bağışla, kim o sözü deyir? Heç kəsin ixtiyarı yoxdur, heç kəsin ixtiyarı yoxdur. Onu deyən paxıllıq ucundan danışır. Kim deyir, kim deyir? Və belə deyə-deyə başlayır ağlamağa və yerə yıxılmağa. Arvad-uşaq qızı qucaqlıyıb aparırlar. Qalır Mərcan xanım və Mürşüd dayı. Mərcan xanım (yavaşcadan). Dadaş, söz yox o sözləri özündən düzəltdin (Sevincək gülür). Mürşüd dayı (yavaşca arvadlara tərəf baxa-baxa). İndi dəxi qonaqlıqda Püstə burada olmaz. Mərcan xanım. Doğrudan? Mürşüd dayı. Mən sənə deyirəm. Zərəfşan xanım. Mərcan, Püstə dəxi dayanmaq istəmir. Deyir bu saat məni göndərin kəndə. İstəyir atasının yanına getsin. Mürşüd dayı. Mərcan, mən gedirəm. (Yavaşca) Şahzadəni qonaq çağıram. Özü də sabah yox, biri günə. Siz də tədarükdə olun. Cahangir (girir və Mürşid dayının axırıncı sözlərini eşidib deyir). Dayı, gedib çağırma. Vallah, qorxuram axırda mən biabır olam. Hamı da mat qalır və məyus olub kiriyir. Mürşüd dayı. Bəs, axır biz bayaq professoru dəvət etməyi qərara almışdıq. Cahangir fikrə gedib, var-gəl eləyir. Mürşüd dayı (Cahangirə). Cahangir, bala, sən gərək bunu biləsən, təzəcə gözünü açıb, dünyanı tanımağa başlayıbsan. Amma biz dünyanı tanıyanda sən yox idin. Sən gərək bunu biləsən ki, bizim kimi ucadan aşağıya düşənlərin nicatı, əvvala, dərsdə və elmdədir, ikinci, var və dövlətdə. Bunu da gərək unutmayasan ki, dünyada… Mərcan xanım (durub qapılara baxır, bir az alçaqdan). Necə görəsən? Mən sənin bacın Çiçəyin yolunda neçə-neçə bu gün təklif elədiyim kimi məsariflər qoymuşam ki, onu ağ günə çıxardam. Nə qədər onun yolunda naümid olduğum cəhənnəmdən göz yaşları tökmüşəm. Mürşüd, sən, əgər, Vəlisultanın halalca oğlusan, onun bircə dənə işıqlı qızının sən əgər doğma qardaşısansa, gərək hər bir qiymətli arzularının yanında onun qızının öz nəsil-nəsəbinə münasib ömür yoldaşı tapmayınca qardaş, gərək müqəyyəd olasan. Əgər, doğrudan, misal üçün, şahzadə kefini maraqlanıbsa, bəlkə burada bir sirr var ki, nə bizə və nə sənə məlumdur. Mən bir işarədir ki, sənə eyləyirəm. Mərcan xanım. Bunu bir sən bil, bir də vicdanın bilsin (Başlayır ağlamağa. Ağlaya-ağlaya). Xudaya, bir ər bizim evə qismət olmur. Bilmirəm bizim üzümüzə şeytan tükü çıxıbdır? Cahangir (darıxır). Allah xatirinə ağlama. (Darıxa-darıxa gedir). Bax, vallah, bu arvad-uşağın əlindən qurtarmaq olmur. Cahangir gedir. Mürşüd dayı da dalınca. Arvadlar başlayırlar ağlaşmağa. Burada Mürşüd dayı qayıdır və şadlıqla xəbər verir. Mürşüd dayı. Başlayın qonaqlıq tədarükünü nə qədər mümkündür, əlinizdən gələni müzayiqə eləməyin. Cahangir, inşallah, razıdır. Arvad-uşaq, qızlar şadlanırlar və hərəkətə gəlirlər. Zərəfşan xanım. Həsrət xala, qeyri arvad-uşaq – biz ev işini düzəldək. Mürşid dayı, ancaq bazar işi və çöl sənin öhdəndədir. Mürşüd dayı çəpik çala-çala çıxıb gedir. Arvad-uşaq qaynaşmaqdadır. Pərdə * * * İkinci məclis Dəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir: Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır). Qapının başında bir lövhə asılıb, üstə iri xətlə yazılıb: “Dəli kişilər”. O biri tərəfdə qapının başında asılan lövhədə yazılıb: “Dəli arvadlar”. Dəli kişilərin şöbəsindən hərdənbir dəlilər qapıya tərəf gəlib baxanda qapıçı onları qaytarır. Doktor tələbələrə tərəf üzünü tutub, leksiya oxuyur. Professor. Salam olsun elm və fənn dalınca gedən cavan tələbələrimizə. Lakin bilmərrə unutmamalı ki, elm ki, biz deyirik, haman ülum və fünunun cümləsi təcrübədən və götür-qoydan istinbat olunubdur. Və illa əgər dünyada insanlar kitablardan əxz etdiyi məzmunu təcrübə və praktikdən kənar tuta, min illərlə sümük sındırsa, yenə təhsilini yerinə yetirə bilməz. Onun üçün atalar əbəs yerə deməmişlər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Amma indi biz bu zərbül-məsəli bu ibarə ilə söyləyək görək: “Çox oxuyan çox bilməz, çox oxuyan və oxuduğunu çox işlədən çox bilər”. (Tələbələr çəpik çalırlar, çəpiyin səsinə dəlilərin tərəfindən səs-küy qopur. Qapıçı onlara tərəf acıqlanır. Hamı sakit olur). Bəli, ruh xəstəliyi dörd əsasdan ibarətdir. Psixoloji elmində və ələlxüsus fənni-təbabətdə biz onu dörd məna ilə ifadə edə bilərik: Xəyal, hiss, fikir və arzu. Necə ki, fi-losofiyadan dörd üzvlü ənasür, yəni, ənasiri-ərbəə, həmin ənasür filosofiyaya eynən mütabiqdir ki, bunların məsdəri ibarət olsun substan-siyadan, yəni rükndən. Amma digər hissələri mütəşəkkildir əvari-zatdan ki, onlar da atoribiyutla məşğuldurlar. (Tələbələr professorun sözlərini əllərindəki kağız varaqlarına qeyd edirlər). Ərz olsun ki, bu dörd qism ruh əhvalının mənbəyi başın içindəki buz damağın yazımazılarıdır ki, onlara tibb istilahında böyük damağ deyirlər. (Tələbələr yazırlar). Zamani ki, həman buz damağın cisminə bir rəxnə toxundu, o vədə insana elə bir xirə dimağ və qüvveyi-əqliyyəsinə elə bir zəf üz verir ki, biz avam dilində ona dəlilik deyirik. Bu xəstəliklərin mütaliəsində ən ziyada əhəmiyyət veriləcək bir məsələ də odur ki, bu xəstəlik üzvüdür, ya qeyri-üzvü? Lakin axır vaxtlarda Avropa mütəxəssisləri arasında üzvi təbirinin ziddinə bir paraları vəzifəvi təbirdə işlətməyə başlayıblar ki, birincilərin silkinə Almaniyada məşhur 19 20 professor Lalbyuzi və ikincisinin silkinə Amerika professoru Tranşı daxil etmək olar. Behərhal, necə aləmi-zərrədə, filosofiya aləmində, habelə də, ruh xəstəlikləri də həman bir haldır. Ancaq təfavüt ondan ibarətdir ki, müttəhidül-məna olaraq işlədilməlidir. (Tələbələr yazır). Axır vaxtlarda ruh xəstəlikləri psixoz adı ilə şöhrət tapmışlar. Necə ki, məsələn, dairrəqs və fəlci-ümumi mütərəqqi kimi. Amma digər tərəfdən bunu nəzərə almalıdır ki, hal-hazırda “Əmrazi-ruhiyyə” kitabının mühüm səhifələrini işğal edən həmin fəlci-ümumi mütərəqqidir ki, bunun müdavatı hələ indiyədək nəticəbəxş olmayıbdır. Bizim xəstəxanada müşahidə olunan Əm-razi-əqliyyənin cümləsindən fəlci-ümumisinə, dairrəqs və bir neçə dəxi qeyrilərinə rast gələcəksiniz. Amma bunu lazımdır burada qeyd etmək ki, əmrazi-əqliyyənin bəzi nüqati-ibtidaiyyəsi vardır ki, siz cavan tələbələr bunların tətbiqatına yeycə alışmalısınız. Misal üçün, götürün belə bir xəstəliyi (Üzünü qapıçıya tutub deyir). Gətir bura Qutazı. (Tələbələrə) Qutaz ən şiddətli əsəbi xəstələrdən birinin adıdır. (Qapıçı bir xəstənin əlindən tutub gətirir salona. Qutaz içəri girir və məclisdə olanların hamısına ədəblə baş əyir. Heç bir söz demir və heç danışmır. Professor tələbələrə). Bunu həmişə yad edin ki, hər şeydən qabaq xəstənin hədəqəsinin, yəni gözünün qarasının halını axtarmalı və hədəqənin işığa qarşı təamülünə diqqət edilməlidir. Məsələn, xəstənin hədəqəsi (Qutaza yavuq gəlir) həmişə işığa qarşı daralır. Misal üçün bu xəstə (xəstənin gözünü işığa qarşı tutub və gözlərinə yavuqdan baxır və tələbələri də yavuqa dəvət edir. Burada xəstə əllərini qulaqlarına uzadıb, ucadan deyir: – Nəməkdan! Professor qapıçıya işarə edir, o da xəstəni aparır. Xəstə dalı-dalı gedir və gedə-gedə yenə bir dəfə deyir: – Nəməkdan!). Bu biçarənin atası (kitaba baxır) Qu-bad 35 yaşında həmin dəlilik xəstəliyinə giriftar olub, özünü uca pilləkəndan tullayıb ölmüş imiş, həman bu xəstə ki, onun oğludur, əgər bunu biz indi başına qoysaq, bu da atası kimi özünü intihar edə bilər. Tələbələrin birisi. Professor, ruhi xəstələrə tibb elmində bir əlac işarəsi tapılırmı ki, xəstənin bütün-bütünə şəfa tapmağına ümidvar olmaq ola? O biri tələbə. Yəni, açıqcasına burada sizin müalicənin nəticəsində xəstələrin şəfa tapmağı tez-tezmi ittifaq düşür? Professor. Yoldaşlar, sizin bu suallarınız, xeyli ağıllı bir sualdır. Çünki zəif şüur bütün ruh xəstəliklərinin ən adi bir şəkildir. Müxtəlif alimlər və mütəxəssislər arasında şüursuzluq halı haqqında bir çox münaqişələr vaqe olmuşdur. Cəmi bu münaqişələrin nəticəsində bu anlaşılır ki, müalicə qəbul etməyən cəli mərəzlərin ikinci dərəcədə hesab olunanı paranoydur. Bizim xəstəxanada həmin mərəzə giriftar olan (kitaba baxır) bir nəfərdir ki, ona camaat arasında “təbiri-xab” deyirlər. Qapıçıya işarə edir, o da dəlilərin içindən bir nəfərin qolundan tutub gətirir. Xəstə titrəyə-titrəyə daxil olur. Professor və tələbələr ona yavuq gəlirlər. Professor gedir, yapışır onun nəbzindən. Professor. Nədən qorxursan? Xəstə cavab vermir və tələbələrin birindən elə qorxur ki, başlayır çığırmağa. Professor bunu şirin dillə danışdırır. Professor. Bir de görüm, kimdən qorxursan və nədən qorxursan? Xəstə (təbiri-xab başlayır çığırmağa və deyir). Bu oğlan dünən çıxdı damımızın üstünə və mənim xoruzumu tutdu apardı. Mən ha dedim ki, xoruzumu aparma, (ağlaya-ağlaya) bıçağını çıxartdı və istədi məni vurub öldürə (Çığırır). Bunu aparıb, qatırlar azarlıların içinə. Kişi şöbəsində yenə bir mərəkə qopur. Orada hay-küy arasında bir xəstədən bir belə təhdid etmək sədası eşidilir. – Görrəm halınızı; görrəm halınızı! Arada Dəli Murtuza özünü qapıdan salır salona və üzünü professora və tələbələrə tutub, ağzı köpüklü və qızışmış bir halda bağırır: – Çəkərsiniz cəzanızı, çəkərsiniz cəzanızı. Professor (qapıçıya). Aparın, bu biçarəni və səy edin uzanıb rahat olsun (Qapıçı xəstəni aparır). Professor (Murtuza barəsində tələbələrə məlumat verir). Bu xəstələr, zənnimcə cəmi insanlar tutduqları məsiyyət içində hədsiz xəta və xətərə düçar olacaqlar. Və axırda da cəzalarını çəkəcəklər. Professor zəngi çalır. Xidmətçi arvad – 50-55 yaşında, xeyli çirkin və işdən düş-müş “ifritə” daxil olur. Xidmətçi ifritə (professora). Nə buyurursunuz? Professor (xidmətçi qadına). Bir stəkan su gətir. Xidmətçi ifritə. Baş üstə. (Gedir). Professor (öz nitqinə davam edir). Cavanlara ərz olsun ki, ağıl və şüur sahəsində iki mühüm ünsür həmişə hökmfərmadır: zehn və iradə. Bunların mahiyyətini biz həmin ibarə ilə ifadə edə bilərik. Bunlar sıxı surətdə bir-birinə bağlıdır və bir-birindən daimi surətdə mütəssir olunur. Və bir felin icrası barəsində həmişə bir-biri ilə mücadilə edir. Bunun nəticəsində əgər bir fərdə bir dərd və ələm üz versə və təsəllisi mümkün olmayan qüssəyə düçar ola, o vaxt həman şəxsin hafizəsi müxtəl olmaqla bərabər, dimağına elə bir kəsalət üz verəcək ki, və xəstəni elə bir hala salacaq ki, tibb dilində ona qaliyubnar dəliliyi deyirlər. Xidmətçi qadın əlində bir stəkan su gətirdiyi və professorun qabağına tutduğu yerdə dəli kişilər içindən Dəli Şahzadə adlı bir dəli özünü zor ilə məclisə soxur və xidmətçi qadının üstünə hücum edir. Qapıçı, professor və tələbələr bunun qabağına dururlar. Xidmətçi qadın qorxusundan stəkanı əlindən salır, stəkan sınır, su dağılır. Dəli Şahzadə özünü adamların əlindən darta-darta çığırır. Dəli Şahzadə. – Arvad, arvad, mən arvad istəyirəm. Adamlar bir təhər ilə, şirin dillə Dəli Şahzadəni geri aparırlar. Professor. Ərz olsun ki, bu da dəliliyin bir növüdür. Burada iradənin hərəkətləri heç bir qanuna tabe deyil. Gah xəstənin başına övrət sevdası, evlənmək sevdası müsəllət olur, gah mərəzin təsiri altında xəstə özünü çox ali bir vücud hesab edir. Çünki xəstənin qüvveyi-əqliyyəsi müəyyən və sabit ölçüdən çıxıb, felləri və qövlləri arasında heç bir münasibət müşahidə olunmur. Bu ona dəlalət edir ki, cəmi əfradın əhval-ruhiyyəsi müəyyən bir duyğunun sövq və idarəsi təhtində hərəkət edir. Kişilər şöbəsinin qapısı ağzında qapıçıya itaət etməyib, Dəli Şahzadə professora tərəf bir belə məzəmmət və hökm göndərir. Dəli Şahzadə (ucadan, hirsli). Əgər bu saat məni evləndirməsəniz, mən sizin hamınızı xidmətinizdən əzl eylərəm. Çünki bu ali binanı da tikdirən və bu ali təfərrücxananı da idarə edən mən özüməm. Dəli kişilər arasında qilu-qal qopur və axırda qapıçının binagüzarlığının bərəkətindən sakitlik əmələ gəlir. Dəli Şahzadə (professora tərəf). Eşidin və agah olun ki, İs-kəndəri-Kəbirdən irs qalan Türküstan məmləkətinin yarısı mənim səltənətimdir. Ceyhun ilə Seyhun arasında yüzlərcə əmirlər və vəzirlər var. Bununla bərabər, siz məni evləndirmək istəmirsiniz. Amma bilin ki, axırda peşman olacaqsınız. Professor (tələbələrə). Bu bədbəxt görürsünüz özünü necə professor və şahzadə adlandırır. Bunun ucundan çoxları da mənim özümü Türküstan şahzadəsi hesab edirlər (Tələbələr gülüşürlər). Burada ayrı bir xidmətçi professora başı bağlı bir paket gətirib verir. Professor paketi açmaqla məşğul olanda “Dəli arvadlar” şöbəsinin tərəfində bir neçə dəli arvad görsənir. Dəli Şahzadə onları görən kimi onlara tərəf hücum etməyə dartınır. Ancaq qapıçılar bunu zorla yerinə qaytarmaq istəyirlər. Dəli arvadların qapıçısı onları zor ilə yerlərinə qaytarır. Dəli Şahzadə çox coşmuş. Dəli qadınlara tərəf hirs və qeyzlə deyir: Dəli Şahzadə. Arvad, arvad, mənə arvad lazımdır. Çünki yeddi ildir bu xaraba məmləkətdə arvad üzünə həsrətəm. Vay, vay... (Yumruq ilə qadınları təhdid edir). Vay, mən arvad istəyirəm. Burada Dəli Şahzadə yumruğunu düyüb, nərə təpə-təpə vayıldayır və qadınlara tərəf dartınır. Qapıçılar, nəzarətçilər, professor və tələbələr güc ilə bunu dəlilərin içinə daxil edirlər. Professor əlindəki kağızı oxuyub qurtarandan sonra üzünü tələbələrə tərəf tutub soruşur: Professor. Cavanlar, bilirsiniz bu məktub kimdəndir? Bu məktubu yazan sizin yoldaşınız Cahangir Vəlisultan oğludur. Kağızın məzmunu belədir: “Əvvəla, sizdən üzr istəyirəm ki, bir neçə gündür ki, bəzi məsələlərin səbəbindən sizin leksiyalarınıza gələ bilmirəm. İkinci, cəsarət edirəm Siz alinəcad professor həzrətlərini həqirin mənzilinə qonaq dəvət edəm və bunu də əlavə edirəm ki, qonaqlıq məcli-simiz xar keçməsin deyə, öz yoldaşlarımdan hər birini rəva görsəniz, öz yanınızla gətirə bilərsiz. Ümidvaram ki, təşrif gətirməyinizi müzayiqə etməyəsiniz. Xüsusən sizi görmək və şahanə qədəmlərinizi istiqbal etmək arzusunda olanlar anam Mərcan xanım, xalam Zərəfşan xanım, bacım Çiçək (burada Dəli Şahzadə dartınır və məclisə daxil olmaq istəyir. Bu arvadların adını eşidəndə dəxi şövqə gəlir. Dəxi də artıq hirslənir), xidmətçimiz Püstə, çörək bişirənimiz Həsrət xala və nə-nəm İzzət nənədir. Dayım Mürşüd dayı sizin xidmətinizdə olmaq ar- 35 zusundadır. Kağızı yazan kiçik xadiminiz və mütəlliminiz Pərvər. Şəhər filan, küçə Zəngilan, döngə Ərslan, nömrə filan. (Kağızı oxuyub qurtarandan sonra, qabağa tullayıb, şəstnən deyir). Mən bu qonaqlığı xoşhallıqla qəbul edirəm. Qapıçılar Dəli Şahzadəni geri oturdurlar. Dəlilər tərəfindən gülüşmə eşidilir. Professor (Dəli Şahzadəninin hərəkətini xoşlamayıb, qapıçını məzəmmət edir). Çox təəccüb olsun ki, sən xəstələri zabitəli və itaətdə saxlamırsan ki, bir saat onlardan şuluqluq və ədəbsizlik baş verməsin. Qapıçı bu sözlərin təsiri altında dəlilərin üstünə başlayır dinib məzəmmət eləməyə. Ara sakit olandan sonra professor əlindəki məktubu tələbələrə tərəf tutub deyir: Professor. Əvvala, beş dəqiqə tənəffüs elan edirəm. Saniyən, cavanlardan xahişim budur ki, Pərvərin təklifi barəsində öz rəylərini izhar etsinlər. Professor tənəffüs elan edəndən sonra tələbələr asudə nəfəs çəkməyə və papiros yandırmağa başlayır və bir yerə toplaşıb Pərvərin məktubu barəsində götür-qoy edəndən sonra onlardan biri belə deyir: Birinci tələbə. Professor cənablarına ərz olsun, Pərvərnin məktubundan bizə bir özgə qoxu gəlir. Əvvala, sizə indi, məsələn, alinəcad kimi xitabı biz heç başa düşmürük. O, yəqin azadə şöhrət tapmağa başlayan şayiələrdir ki, guya, siz Türküstan şahzadəsinin özüsünüz. Professor (sözünü kəsir). Bəli, bəli mən özüm sizə deyəcəkdim ki, axır vaxtlarda bədbəxt (əlini dəlixanaya tutur) Dəli Şahzadənin çığır-bağırının təsirindən yavaş-yavaş camaat arasına belə bir danışıq buraxılıb ki, mən Türküstan şahzadəsiyəm və özüm də evlənmək istəyirəm. Və hətta dünən bir nəfər (ciblərindən bir şey axtarır) buranın əhalisindən oğlunun imtahanı barəsində gör mənə nə yazır: (Bir məktubu açır). Filan, filan, filan, filan. Hə, mənə xitab etdikdə yazır: “Ali intisab, vala bir də vala və filan gər ali intisab, vala və qeyrə... ali intisab ləqəbi məhz alixanada elmə mənsub olan zatə verilir. Nəinki adi bir ailədən törüyən bizimtək şəxslərə. Tələbələrdən biri. Professora ərz olsun ki, bu məktubun şivəsi heç Pərvərin qələminin əsərinə oxşamır. Bir özgə tələbə. Doğrusu, heç oxşamır. Professor (məktubu tələbələrə uzadır). Xub, baxın, onundur, ya yox. Tələbələr məktuba diqqət edirlər. Birinci tələbə (təəccüblə). Pərvərin xəttidir. İkinci tələbə. Pərvərin də xətti olmuş olsa, bu ibarələr onunku deyil. Üçüncü tələbə. Xeyr, deyil, bilirsiniz ki, niyə onun deyil? Ondan ötrü ki, insan bu tezliklə ola bilməz ki, bilmərrə dəyişilib, xətti hərəkətini itirsin. İkinci tələbə. Doğrudur. Üçüncü tələbə. Siz özünüz bilirsiniz ki, o firqəçidir. Bu əhval professor cənablarına da gərək bəlli olsun. Birdən-birə firqəçi bir cavan professor cənablarını şahzadə hesab edib, gətirə ona bu cür təməllüq edə belə ibarələr ilə ona yaltaqlana... Bunlar gözlənilməyən bir işdir. Xülasə, bu bizim firqəçi cavanlarımız ki, özlərini göstərmək üçün yeri düşəndə saat bir analarını tutdurmaq və həbsə göndərməklə qorxudurlar. Professor. Xub, indi bir məsələ qaldı ki, ayə, onun təklifini qəbul etməli və onun qonaqlığına getməli, ya yox? Tələbələrdən birincisi. Cənab professordan üzr istəyirəm. Əgər mənim rəyimi soruşsanız, mən hər halda öz tərəfimdən Pərvərin təklifini rədd edirəm. Xah özüm üçün, habelə siz cənablarına və yoldaşlarıma onlara getməyi məsləhət görmürəm. Səbəb budur ki, qonaqlıq barəsində Pərvər ilə anası arasında (eşitdiyimə görə) həmişə ixtilaf olmağını eşitmişəm. Nə qədər anası Mərcan xanım qonaqpərəstdir, o qədər dostumuz qonaqlardan uzaqdır. Qorxuram onun dəvətini qəbul edib gedəsiniz və məclisi o qədər xar görəsiniz ki, oradan ac və susuz qayıdıb gələsiniz. Professor. Yox, yox elədə getməyək. Nə səbəbə xalqa əziyyət verək. Zəng çalır, professor kağızın cavabını yazmaqla məşğul olur. Qapıçı gəlir. Qapıçı (professora). Qulluq? Professor (yazmaqla məşğuldur). Dayan, bu kağızı qurtarım, apar ver kağızı gətirənə. Çünki qonaqlığa getməyimiz baş tutmadı. Kağıza cavab yazıram. İkinci tələbə. Cənab professor, burada mənim rəyim başqadır. Doğrudur, qeyri kəslərə görə yoldaşımız Pərvər o qədər qonaqpərəst deyil, amma, bir surətdə ki, o lazım bilib, siz cənabları öz evinə dəvət edib, əlbəttə ki, onların bu tədbiri ailə məsləhəti ilə əmələ gəlibdir. Mən qanıram ki, səbəbsiz yerə onun dəvətini rədd eyləyib, yox cavabını verəsiniz, Pərvərin xətrinə dəymiş olarsınız. Professor. Deyəsən, bu da doğrudur. Elədə bəs, Pərvərin dəvətini qəbul etmək. (Üzünü o biri tələbələrə tutur). Nə deyirsiniz? Bir kəs cavab vermir. Professor bir özgə kağız götürüb, yazır və kağızı paketin içinə qoyur və üstünə nəsə yazmaq istəyir. Burada qeyri bir tələbə deyir. Qeyri bir tələbə. Professor, ixtiyar sahibisiniz. Pərvərin təklifini istəyirsiniz qəbul ediniz, istəyirsiniz rədd edin. Amma bu barədə mən bir-iki kəlmə söz danışmaq istəyirəm. Professor cənabları, siz onu yaxşı tanımırsınız. Amma biz yaxşı tanıyırıq. Onlara qonaq getmək müşkül bir işdir. Anası Mərcan xanım, doğrudan da, cəvahir kimi bir xanımdır. Birisi ki, onun evinə ayaq basdı, dəxi evdə nə qədər yeməli və içməli olsa, gətirib qoyacaq qonağın qabağına ki, qonaq nə qədər mümkündür ondan razı olsun. Amma oğluna gəldikdə, bu evi xarab deyir ki, dünyada yavan çörəkdən başqa gərək insan bir şey yemiyə. Deyirsən niyə, nə səbəbə? Deyir ki, sən burada plov yeyəndə, bəs, füqarə dünyada nə yesin? Vallah, mən öz gözümlə görmüşəm ki, plov nimçəsini öz evində qonaqların qabağından götürüb, göyə qalxızıb, həyətdə daşların üstünə elə çırpıb ki, qab-qacaq çilik-çilik olubdur. Xülasə, cənab professor, siz özünüz ixtiyar sahibisiniz. Professor (bir qədər fikirləşir). Doğrusu, mən də həvəsdən düşürəm. Getmək istəmirəm (Qələmi götürür ki, yazsın). Yazıram ki, məni bağışlasın (Yazır). Bir özgə tələbə. Yox, yox, cənab professor elə yazma. Vallah, insaf deyil. Kişilər tədarük görüblər. Yəqin ki, yaxşı, cəlallı qonaqlıq eləyirlər. Eşitdiyimə görə, yaxşı nemətlər və sazəndə-xanəndələr çağırıblar. Vallah, insafdan uzaqdır ki, belə bir təklifi rədd eləyəsiniz və kişiləri peşman qoyasız. Professor (yenə fikrə gedib, sonra deyir). Xub, xub. Bu surət ki, məsləhət bilirsiniz, mən də qəbul edirəm. Bu şərtlə ki, siz də mənimlə bahəm gedəsiniz. Çünki yoldaşınız sizi də dəvət edir. Kağızı yazır, durur ayağa və tələbələr ilə birlikdə üz qoyurlar tənəffüs otağına. Pərvərin dəvətnaməsi qalır stolun üstə. Dəli kişilər evinin qapıçısı qapını örtüb, oturur qapının ağzında. Bir qədər keçəndən sonra sakitlik əmələ gəlir. Qapıçı həmən oturduğu yerdə başlayır mürgüləməyə. Bu heyndə Dəli Şahzadə şöbədən çıxır və dolana-dolana gəlir, Pərvər yazan kağıza gözü sataşır və götürüb oxuyur. Və yavaşca deyir: – Xub, mən qəbul edirəm. Sonra mıxdan asılan paltarlara və papaqlara diqqət salır. Professorun eynəyini stolun üstündən götürür və vurur gözlərinə. Professorun papağını qoyur başına. Döşlük köynəyini salır döşünə. Üz qoyur dəlixanadan getməyə. Dəlilərdən üç nəfər dəlilərin içindən çıxıb, dinməz-söyləməz düşürlər Dəli Şahzadənin dalına və getməkdə olurlar. Bu arada dəlilərin içində qilü-qal eşidilir. Qapıçı huşdan oyanır və əhvalatdan xəbərdar olub, hay-küy salır. Bir tərəfdən də professor və tələbələr tənəffüs otağından tökülüb gəlirlər və əhvalatdan hali olurlar. Professor (böyük təşvişlə). Bax, aman Allah, biabır olduq. İndi bu dəlilər və xüsusən Dəli Şahzadə özünü professor və müdir qələmə verib, mənə oxşadacaq. Ağzına gələn hədərən-pədərən ilə məni və bütün xəstəxananın adını şəhər içində biabır edəcək. Bax, biabır olduq. (Qapıçılara tərəf) Siz olasınız Allah, durmayın qaçın. (Özü də uşaq kimi başlayır qaçmağa, tələbələr də onun dalınca). Bəlkə bir təhər tapıb qaytarasınız. Bax, aman Allah, biabır olduq. A!.. * * * Üçüncü məclis Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım, 38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan. Mərcan xanım (Mürşüd dayıya). Dadaş, bir de görüm professordan savayı onun yanınca kim dəxi bizə gələcəkdir? Mürşüd dayı (o tərəf-bu tərəfə baxır). Mən kar deyiləm ki? Mərcan xanım dinmir Mürşüd dayı. Alçaqdan danışmaq günah ki, deyil. Mərcan xanım (alçaqdan). Mən deyirəm ki... Mürşüd dayı (alçaqdan başlayıb, Mərcan xanımın sözünü kəsib deyir). Professordan savayı üç nəfər tələbə gələcək. Dördü gələcəkdi. Ancaq dördüncüsü üzr istədi, çünki onun bu gün teatrda məruzəsi var. Çiçək və onun dalınca Püstə daxil olurlar. Çiçək faxir libaslarını geymiş, amma Püstə öz ev paltarındadır. Bununla bərabər, Çiçək həmişəki kimi çirkindi, üz-gözünün bəzəyi dəxi də çirkin göstərir. Amma Püstə qəşəng və lətifdir. Çiçək (sevincək Mürşüd dayıya). Dayı, yaxşımı stol bəzəmişik? Püstə (Mürşüd dayıya). Mürşüd dayı, bax bu gül dəstələrini mən öz əlimlə bağlamışam. Hələ dəstələrin üstə ətir də səpmişəm. (Qoxuyur, sonra gətirir Mürşüd dayıya tərəf) Bir qoxuyun. Görün ki, ətirlidir. Mürşüd dayı bir dəstə gülü alıb qoxuluyur. Mürşüd dayı. Bəh, bəh, bəh, çox gözəl ətri gəlir (Mərcan xanıma tərəf). Mərcan, mən gedirəm. Sora gələrəm. Bir qapıya dur, sözüm var sənə. Mərcan xanımla Mürşüd dayı qapının yanında pıçıldaşırlar, sora Mürşüd dayı çıxıb gedir. Mərcan xanım Zərəfşan xanımla öz aralarında bir qədər danışandan sonra Çiçəyi çağırırlar yanlarına. Bunlar da üçü öz aralarında bir qədər pıçhapıç edir, Püstəni güllər ilə məşğul olmaqda görüb, başlayırlar ona tərəf diqqətlə baxmağa. Mərcan xanım (Püstə barəsində, guya öz-özünə). Bəxtəvərin sir-sifətinə bax. Bəxtəvər, deyəsən, mərmərdən yoğrulub. (Sonra Püstəyə) A qız, Püstə, mən, doğrusu, səni bu gün bir özgə damağda görürəm. Püstə (Mərcan xanıma). Necə ki? Mərcan xanım. Əvvala budur ki, qız xeylağına bu qədər bəzək-düzək heç yaraşan iş deyil. Çünki sən bizim içimizdə olursan, bunlar hamısı bizə toxuna bilər. Bu gün bizə yad adamlar gələcək. Bir az təmkinli olmaq lazımdır. Püstə (təəccüblə əlini üzünə sürtür və əlinə baxır). Mən üzümə heç bir şey sürtməmişəm, əynimə də heç bir təzə şey geyməmişəm. Mərcan xanım. Yox, yox, mən sənə məsləhət görürəm ki, öz yerində oturasan və xəyalına özgə bir fikirlər gətirməyəsən. Püstə (Çiçəyi göstərir). Mən nə bəzənmişəm, nə də özgə fikirlərə düşürəm. Bəzənən də, bax, qızın Çiçəkdir, geyinən də haman qızındır. Zərəfşan xanım. Dəxi uzun danışmaq lazım deyil. Çiçəklə də işin yoxdur, danışırsan öz sözünü danış. Püstə (Zərəfşana). Bəs siz mənə diqqət tutanda yaxşıdır? Mən haqq sözü danışanda pisdir? Mənim özgə ilə heç işim yoxdur. Hamının işi varsa mənnəndir. Allah mənim başıma daş salsın (Ağlayır). Pərvər içəri girir və Püstəni bu halətdə narahat və gileyli görür. Pərvər. Nə var, Püstə, niyə ağlayırsan? Mərcan xanım. Vallah, Pərvər, Püstəyə heç bir ağır söz deyən yoxdur. Axır sən onun xasiyyətini özün yaxşı bilirsən ki, necə dəymədüşərdir. Heç nahaq yerə başlayır hay-küyə ki, niyə mənə söz deyirsiz. Pərvər. Sizin də ki, Allaha şükür, sözünüz qurtarıbdı. Püstəni bir sancmasanız olmaz. Sonra stolun üstə düzülənlərə diqqət salır. Bir qədər bu halətdə durandan sonra anasına tərəf başını qaldırıb deyir: Pərvər. Ana, bu nədir? Mərcan xanım. Bala, bu sənin professorunun və tələbə yoldaşlarının şərəfinə hazırladığımız qonaqlıqdır. Pərvər. Bəs, bu qədər artıq yeməklər, qəlyanaltılar, meyvələr və şirnilər bura nə üçün düzülübdür? Bunu mənə de görüm, bu dəmdəstgah müftəcə başa gəlir, ya bunlara artıq-artıq pul verilib? Mərcan xanım. Pərvər, bala, qadan alım, heç bir şey müftə başa gəlməz, bircə mən bu stolun üstündəki şeylərə dörd dənə qızıl vermişəm. Zərəfşan xanım. Mən də iki qızıl vermişəm. Mərcan xanım. Hələ bunlar nədir ki, şahın sazəndə və xanəndələrinə Mürşüd dayın bir-iki saat qonaqların məclisində çalmağa yüz əlli manat vəd veribdir. Pərvər (bir qədər fikirdən sonra). Ana, indi qulaq as, gör mən nə deyirəm. Belə tutaq ki, indi mənim firqə yoldaşlarım bu dəstgahdan və qonaqlıqdan xəbərdar oldular. Onda mən utandığımdan hansı sıçan dəliyinə gedim girim? Mərcan xanım (ovcunu ağzına aparır). Boy, Allah aman. Pərvər (təşvişə düşüb, dizlərinə vurur). Mənə cavab ver, mən səndən söz soruşuram. Bu gün gələn qonaqların içində mənim tələbə yoldaşlarım görəcəklər ki, mənim bu qədər cəlallı evimdə qurmağa maddi qüvvəm var, dəxi onlar məndən bilmərrə üz çöndərə bilərlər, dünya və aləmdə məni biabır eləyərlər. Bəs, indi mənim təklifim var? (Mərcan xanım quruyub qalır). A, indi mənim təklifim nədir? İndi gör mənim haqqım varmı ki, yapışım bu stolun bir qıçından və yuxarı qalxızıb, yanı üstə yıxım. Darmadağın dağılsın. Üstündəki cəmi qab-qacaq pul-pul olsun. Mərcan xanım. Qadan alım, Pərvər, bu qonaqlığın ki, tədbiri sənin yanında töküldü. Bəs, məgər sən bu işdən bixəbərsən? Məgər sən bu işə özün razılıq vermədin? Pərvər. Ana, indi bunların hamısı keçibdir. İndi mənim firqə yoldaşlarımdan birinin yolu düşdü bizə və gəldi burada bu dəstgahı öz gözü ilə gördü. Gəldi, gördü ki, biz Türküstan şahzadəsinin şərəfinə belə bir təntənəli ziyafət qurmuşuq. Sən, mən ona nə cavab verərik? Xub, hələ bir saatlığa mən qalım kənarda. Ana, indi səndən danışaq. Bəs, o gün savadsızlığı ləğv eləmək məsələsi barədə çağırılan müəllimlər yığıncağında nə danışırdın? Demirdin ki, bizim xanımların bir qonaqlığının xərcini ortalığa qoyaq? 100 nəfər fağır şagirdlərin ayaqqabılarını təmir etmək olar ki, qışda ayaqyalın məktəbə getməyə məcbur olmasınlar. Bəs, sən bu sözü demirdin? Mərcan xanım. Xub, nə deyirəm. Balam, qoy bu dəfə də bu qonaqlığı başa vuraq. Bundan sonra mən qələt eləyərəm bir də bu işlərə qədəm qoyam. Vallah, Pərvər, axır sən bilirsən ki, mənim axtardığım nədir və kimdən ötrüdü. O başıdaşlı qız… (Ağlayır). Pərvər. Sən bilirsənmi ki, mən bu saat iclasdan gəlirəm. Nə dünən və nə bu gün professorun leksiyasına gedə bilməmişəm. Mən hələ qanmıram ki, mədəni hücum nəyə lazımdır. Vallah, billah bizə savadsızlığı ləğv eləmək lazım deyil. Bizə savadsızlıq və avamlıq lazımdır. Qəribə burasıdır ki, məfkurəvi cəbhədə mübarizəmiz o qədər zəifləmişdir ki, maarif düşmənləri xah kəndlərdə və xah işçi kütlə arasında o qədər aktivləşibdir ki, vallah, mən doğrusu, onlardan qorxuram. Kəndlərdə müəllim və müəllimələr kadrosu bir o qədər qüvvət hasil etməyib ki, bunlara ümidvar olmaq ola. Əsas etibarilə bütün təşkilat işlərimiz pozğun bir surətdədir. O dərəcədə ki, məsələn, Çeşməbasar məhəlləsində on yeddi ailədən ancaq iki-üç ailə uşağını məktəbə göndərə bilib, qalanları kasıblıqları cəhətindən dərsdən məhrum olublar. Bir tərəfdən də Vəlisultanın evində bir gecə dörd yüz manat bir axşamın qonaqlığına sərf olunur. (Pərvər ağlamaq istəyir). Vay, vay, harada qaldı məslək, harada qaldı xətti-hərəkət? Harada qaldı firqə yanında məsuliyyət?! Mərcan xanım. Bala, Pərvər, qadan alım, ağlama, and olsun sənin canına. Sən özün razı olmasaydın, bu qonaqlıq dəstgahını heç əslində qurmazdıq. Axır bir özün də mülahizə elə ki, bu qonaqlıqda da bir məqsəd var, ya yox. Bir fikirləş, gör bura bu gün dəvət olunanlar kimlərdir? Bir tərəfdən sənin şahzadə professorun… Pərvər (birdən naqafil başını anasına tərəf qalxızıb, soruşur). Ana, sənə məlumdur ki, professor Türkü-tan şahzadəsidir. Mərcan xanım. Bala, vallah, hamı elə deyir. Mən də xalqın sözü ilə deyirəm. Hə, bir tərəfdən sənin Şahzadə müəllimin, bir tərəfdən də sənin tələbə yoldaşların. Axır sən özün deyirdin ki, şahzadə professor söhbət arasında Çiçəyin yerini xəbər aldı. Pərvər. Mən heylə demədim. Mən dedim ki, söhbət arasında professor soruşdu ki, sizin evin pəncərəsinin qabağında bir dəstə xanım oturmuşdu. Nə səbəbə görə məni onlar ilə tanış eləmirsən? Mərcan xanım (bir az dirçəlir). Bax, dəxi nə deyirsən? Bəlkə, doğrudan da bu yazıq bacının bəxti bu gün açılacaq. Yoxsa, professor səbəbsiz yerə o sözü sənə niyə desin? Heç olmasa, Çiçəyə sənin yazığın gəlsin. Məgər o sənin doğma bacın deyil? Axır biz də özümüzə görə bir adamıq. Axır atalar deyiblər: “Çörək açanı, qılınc açmaz”. O ki, qaldı sənin firqə yanında məsuliyyətin, ona sözüm yoxdur. Ancaq, vallah-billah, doğrusu millət yolunda çalışmaq bir müqəddəs vəzifədir. Amma öz aramızdı, atalar da deyiblər: “El yolunda ağlayan, axırda kor olar”. Pərvər (anasına). Ana, sən dur buradan get (Mərcan xanım gedir). Pərvər bir qədər başı aşağı və fikirli bir halda oturandan sonra başını qaldırır və yeməli, içməli nemətlərə diqqət salır. Yavaşca-yavaşca əlini uzadır konyak şüşələrinin birindən özü üçün bir rumka konyak tökür və içir. İkinci rumkanı da tökür, içir və balıq kürüsündən bıçaq ilə kəsib, çörəyə yaxır və yeyir. Mürşüd dayı yavaşca girir içəri. Pərvər (Mürşüd dayıya). Dayı, sən ki, bu qonaqlıqdan ötrü bu qədər təlaş edirsən, bəs, özün niyə bu nemətlərdən yeyib-içmirsən? (Bir rumka konyak da töküb qoyur Mürşüd dayının qabağına). Mürşüd dayı (istər-istəməz gəlib oturur və rumkanı istər-istəməz çəkir qabağına). Bacıoğlu, doğrusu, o fikir-xəyal ki, həmişə mənlədir, məni həmən vaxt damağdan salır. İştahamı və yuxumu da pozur. Pərvər (rumkasını dayısının qabağına uzadır ki, konyakı bahəm içsinlər). Dayı, sənin nə fikrin ola bilər? Mürşüd dayı (konyakı içəndən sonra). İstəyirsən sözün doğrusun deyim? Pərvər. Dayı, sən Allah, sən bacıoğludan heç bir söz gizlətmə. Mürşüd dayı. Bacıoğlu, doğrudan-doğruya mənim sənə ürəyim yanır ki, sən millətin maarifi yolunda bu qədər çalışırsan, bu qədər zəhmət və məşəqqətlər çəkirsən, heç bir səmərə bağışlamır. Pərvər. Dayı, vallah, mən bilmirəm ki, dəxi nə eyləyim? Mürşüd dayı o tərəfə-bu tərəfə baxır, ağzını istəyir aça bir söz danışa, amma yenə o tərəfə, bu tərəfə baxır, heç bir şey demir. Pərvər. Dayıcan, mən ölüm, de görüm, nə demək istəyirsən? Mürşüd dayı (alçaqdan). Amma gərək söz verəsən ki, bu söhbət öz aramızda qalacaq. Pərvər. Sədaqətlə söz verirəm. Mürşüd dayı (ətrafa baxa-baxa). Sənin maarif yolunda qurduqların tədbirləri cabəca etmək üçün (sözünü yarımçıq qoyur, gedir qapıları bağlayır) sənə böyük miqdarda maddi qüvvət lazımdır. Pərvər. Sonra? Mürşüd dayı. Sonra, əlbəttə, sonrası da var. (Qapını taqqıldadırlar. Mürşüd dayı qaçır qapının dalına). Hə, nə istəyirsən? Pərvər. Dayı sonra? Mürşüd dayı. Maddi qüvvət ələ gətirmək üçün sənə böyük miqdarda maddi qüvvət lazımdır. Pərvər. Məsələn? Mürşüd dayı (ətrafı mülahizə eləyir). Ancaq, bacıoğlu, sən mənim canım, bu söhbət öz aramızda qalsın. Pərvər. Sənin əziz canın üçün heç kəs bu danışığımızı bilməyəcəkdir. Mürşüd dayı. Məsələn, mülkiyyətli bir xanzadəyə, halallı bir şahzadəyə arxalanmaq lazımdır. Pərvər durur ayağa, mütəfəkkir bir halda başlayır var-gəl eləməyə. Mürşüd dayı konyakdan bir rumka tökür, qoyur Pərvər oturduğu stolun qabağına. Bir rumka da özünə töküb içir və deyir: Mürşüd dayı. Bax, sözün lap açığı. Bacın Çiçəyə Şahzadə kimi bir yoldaş lazımdır ki, o biçarə qız həmişəlik izzətli və şövkətli xanım olsun ki, ölkə də onun qohum-əqrəbasınə düşsün. Sənə də, bacıoğlu, Şahzadə kimi yeznə lazımdır ki, onun mülkiyyətinin bərəkətindən sənin cəmi maarif işlərin baravərdə olsun. Bir surətdə Şahzadə professor öz iqrarına görə bizim evimizin qabağından keçərkən burada gördükləri qadın xəylaqlarına diqqət salıb və səninlə bu barədə söhbət açıbdır, bu haldan istifadə eləməmək və belə bir fürsəti əldən vermək insafdan uzaq olar (Pərvərin rumkasını götürüb tutur onun qabağına). Bacıoğlu sənin istəkli mərhum atanın xatirəsi üçün sən bu barədə fikrimi təsdiq edib, mənimlə şərik olmaq istəyirsənsə, al bu rumkanı və səmimi qəlbdən səni istəyən və dost tutan dayınla bərabər iç ki, bizim bugünkü şadlıq günümüz həmişəlik yadigar olsun. Yaşasın bacıoğlu Pərvər! Yaşasın onun əziz qonağı Türküstan Şahzadəsi! Küçədə qilü-qal qopur. Küçə uşaqlarının səsi gəlir. Müjdə içəri girib, ziyafət üçün hazırlanmış stolu görüb çox təəccüblə: Müjdə. Dayı, üç-dörd dəli dəlixanadan küçəyə çıxıb, bizim evi soruşa-soruşa bizə tərəf gəlirlər. Uşaqların biri. Biri də deyir, mən Türküstan Şahzadəsiyəm. O biri uşaq. Hələ Şahzadə dediyin, bir qoca arvadı küçədə qucaqlayıb deyirdi: “Gəl səni alım” (Uşaqlar gülüşür). Üçüncü uşaq (qaqqıldaya-qaqqıldaya). Ha, ha, zornan yazıq arvadı yaxalamışdı ki, səni alacağam. Dördüncü uşaq. Arvad da deyəsən ki, bir arvad ola. Belə Kəblə Fərzalı hambalın halalca arvadıdır (Uşaqlar gülüşür). Pərvər (acıqlı). Axmaq-axmaq danışmağı boşlayın. Mürşüd dayı (uşaqlara). Yaxşısı budur ki, siz bu sözləri danışmayın. Çünki gərək adam işin əsli həqiqətinə əl yetirə. Sonra da görə bu nə işdi. Siz balalar, hələ uşaqsınız. Müjdə. Dayı, bəs, deyirlər ki, siz Şahzadəni qonaq çağırmısınız. O hansı Şahzadədir? Pərvər (Müjdəyə). Mən hələ bilmirəm, sən niyə bu işlərə qarışırsan? Mərcan xanım (Müjdəyə). Balam, Müjdə, vallah, deyəsən, sənin başına hava gəlib. Əvvala, budur ki, səhərdən axşama qədər küçələrdə dolanmaqdan niyə əl çəkmirsən? İkincisi də dünən gəldin arvad məclisində bizi biabır elədin. Bu gün də gəlib, hədərən-pədərən söz deyirsən ki, Şahzadə belə gəldi, hambal Kəblə Fərzalının arvadı belə getdi. Sənin axır xalxnan nə işin var? Pərvər. Vallah, bilmirəm, bu uşağa nə olub? Axır dərsi, evi, işini buraxıb, niyə düşmüş xalqın üstünə? Sənə nə var ki, kim evləndi və kim ərə getdi (Uşaqlar gülüşür). Mürşüd dayı (uşaqlara tərəf). Balalarım, vallah, belə küçələri addımlamaqdan bir bir şey çıxmaz. Dərs oxuyun. Və atalarınızın sözünə itaət edin (Uşaqlar gedə-gedə gülüşür, qilü-qal ilə, gülüşmə ilə uzaqlaşırlar. Uşaqların dalınca). Doğrusu, mən bunlardan ehtiyat eyləyirəm və sizə də tövsiyə edirəm ki, ehtiyat edəsiniz. Dilşad (Çiçəyin rəfiqəsi) qaçaraq gəlir qadınların otağına və Çiçəyin qulağına bir söz pıçıldayır. Çiçək (təəccüblə). Yalan deyirsən. Dilşad. Yalan demirəm. İbadulla qardaşım özü bu dəstgaha rast gəlibdir. Çiçək. Yalan deyirsən, ola bilməz. Mərcan xanım. Nə olub, nə xəbərdir? Çiçək. Bir söz demirəm (Qəmgin oturur və dinmir. Bir az keçəndən sonra açıqlı). Dəxi nə edim. O ki, gedib Hacı Bayramın şikəst qızını nişanlayacaq, mən heylə nişanlını heç istəmirəm. Dilşad kor-peşman çıxıb gedir. Mərcan xanım (Çiçəyə). Axır nə olub? Dilşad nə xəbər gətirmişdi? Çiçək dinmir. Mərcan xanım. Axır, bir de görüm, o qız nə deyirdi? Çiçək. Vallah, bilmirəm. Bizim dərdimiz bizi rahat qoymur. Dilşad deyir ki, qardaşı İbadulla öz gözü ilə görüb və öz qulağı ilə eşidib ki, Türküstan Şahzadəsi bu saat Hacı Bayramın şikəst qızına küçədə rast gəldi və onu nişanladı. Mərcan xanım. Əşi, belə iş ola bilməz. Zərəfşan xanım. Belə şey ola bilməz. Püstə. Heç olası iş deyil. Yarpız xala. Heç olası iş deyil. Həsrət xala. Vallah, yalandı. Yaxşı, Şahzadəyə Çiçək kimi qız qəhətdi ki, gedib çolaq qızı nişanlasın? Mərcan xanım (Mürşüd dayıya tərəf gəlib deyir). Dadaş, bir küçəyə çıx, gör nə xəbərdir. Mürşüd dayı (gedə-gedə). Heç ağıl kəsən iş deyil. Mürşüd və Pərvər gedirlər. Pərvər. Ancaq mən tələbə yoldaşlarımdan Muraddan ehtiyat eləyirəm ki, gələr və bu dəstgahı burada görüb, məni yoldaşlarımın içində biabır edər. Küçədən qilü-qal səsi gəlir. Guya, uşaqlar qapı-bacanı daşlayırlar. Mürşüd dayı “buyurun, buyurun” deyə-deyə qonaqları keçirir içəri. Çalğıçılar çalırlar. Qabaqda Dəli Şahzadə yekə qara eynəkdə, əlində həkim trubkası, həmən geydiyi libasında və əlində tutduğu kağızı oxuyur: Şəhər filan, məhəllə Çeşməbasar, xaneyi Vəli Sultan, nömrə 2. (Üzünü evdəkilərə tutur). Şahzadə. Məni və bir neçə tələbəni buraya qonaq çağırmısız? (Mürşüd dayı, Cahangir baş əyib “bəli” deyirlər.) Və mənim tələbələrimdən də qonaq çağırmısız. (Mürşüd dayı və Cahangir baş endirirlər). Burada dəlilərdən dörd nəfər adam sərsərinin dalınca sakit və qayda ilə keçir stolun başına, durub ayaq üstə və heç tərpəşmirlər. Dəli Murtuza yavaşca dodaqlarının altında mırıldayır. Dəli Murtuza. Çəkərsiz cəzanızı, çəkmirsiz cəzanı. Millətlər dağıtmısınız, çəkərsiz cəzanızı. Qutaz (Dodağının altında mırtdanır). Bizi niyə bura gətiribsiz. Mən qorxuram. Bu adam çıxmışdı damımıza. Mən qorxuram. Bu adam çıxmışdı damımıza. Mən qorxuram. Üçüncü dəli (dilinə vurur, atılır). Yeyin, için, israf eləməyin. Yeyin, için israf eləməyin. Axşam qaranlığı düşdüyü səbəbindən Cahangir diqqət ilə gələnlərə baxıb Mürşüd dayıya deyir: Cahangir. Dayı, bu tələbələr mənim yoldaşlarıma oxşamırlar. Mürşüd dayı. Bunlar əsəbi şöbənin tələbələri və sənin qayibanə yoldaşlarındır. Cahangir diqqətlə Şahzadəyə tərəf baxır və Şahzadə durduğu halda durub nitqini başlayır. Şahzadə. Əvvala, maariflik babətindən ərz olsun ki, Nadir şah öz əli ilə məni aparıb İngiltərəyə, orada Kembric darülfünunun əsəbi xəstəlik şöbəsində dərsə qoyubdur. Küçədə uşaqların gurultulu gülməyinin sədası gəlir. Şahzadə təəccüblü küçəyə tərəf qulaq asır. Cahangir (Mürşüd dayıya). Dayı, çıx, o uşaqlara de, qilü-qal salmasınlar. Bura Vəli Sultanın evidir. Mürşüd dayı (Cahangirə tərəf). Mən onlara o sözü deyərəm. Amma sən də hər sözü ürəyinə salma (Gedir küçəyə tərəf. Səs kəsilir). Şahzadə danışır. Şahzadə. Haman Kembric darülfünunda təhsil etdiyim əsəbi xəstəliklərə dair məlumatdan, ruhun hadisələri mafövq təbii psixoloji hallardır ki, bəndəniz həmən darülfünunun professoru Lalbyuzun təhti-tədrisində doqquz yüz doxsan doqquz sənə ərzində təcrübə keçirməyə nail olduq. (Küçədə gurultulu gülüş. Şahzadə küçəyə tərəf baxır və dinmir). Belə ki, ruhun nə olduğuna dair müsbət olan bütün kəşfiyyat təcrübi psixologiyaya girmiş və insanlar uzun zamanlar ruhda mücərrəd və müstəqil bir varlıq tapmışlar, səbəb budur ki… Bu heyndə Şərəf nənə əlində padnos, içində dörd stəkan çay qapıdan içəri girib, istəyir padnosu götürə qoya qonaqların qabağına. Şahzadə, Şərəf xalanı görən kimi dəli kimi qızmış bir halda Şərəf xalaya tərəf hücum çəkir ki, Şərəf xala qorxusundan padnosu salır və stəkanlar yerə tökülüb sınırlar. Cahangir qaçır qabağa və durur Şahzadənin qabağında. İçəridən övrət-uşağın səsi gəlir. Və əlilə Şərəf xalaya işarə edir ki, qaçıb getsin. Şərəf xala qaçmır, ancaq durur Cahangirin dalında və Şahzadəyə tərəf baxır. Övrətlər tərəfindən Şərəf xalaya tərəf bir çığırtı çıxır: – Niyə dəxi orada durubsan, ay bihəya, qoyub gəlsən, a. Sənin məgər özündən arxada adam yoxdu? Şərəf xala istər-istəməz, geri gedir. Şahzadə. Yazığım sənin halına, görərəm necə peşman olarsan. Şahlar və sultanlar mənə qızlarını vermək arzusunda olanda mən rədd etdim. Sultan Səlim Salis həmşirəsi Xədicəni mənə vermək istəyir-di. Mən istəmədim. Neronun firiştələrinin birinci gözəlini alıb, özü-mə övrət etdim. Vəfat etdi (Ağlayır). Şah Təhmasibin iki qızı mənim dərdimdən qüssələnib. Misir padşahının qızı indi bu saat mənə aşiqdir. * * * Dördüncü məclis Xəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir. Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya. Rejissor. Mən bunları aktyora təlim etmişdim. Qəbahət ondadır, məndə deyil. Baş doktor. Balet dəstəsi də, zənnimcə, xəstələrin əhvaliruhiyyəsini lazımınca mülahizə etmir. Rejissor. Doktor, bilirsən ki, bu da mənə aid deyil. Baş doktor. Elədir, bunu doktor Nemana demək lazımdır və bir də doktor Nemana lazımdır demək ki… Doktor Neman daxil olur. Baş doktor. Hə, söhbət balet və musiqi barəsindədir. Mən o dəfə gördüm ki, musiqinin bəzi qışqırıqlı guşələri xəstələrə o qədər də təsir bağışlamadı. Bir surətdə ki, əmrazi-əsabiyyə xəstələri üçün çalınan hər bir musiqi gərək xəstələrin təğyirati-hissiyyə və hərasiyyəsinə bais olsun ki, musiqinin incə nəğmələrinin təsiri altında xəstələrin əsəbləri müvəqqəti də olmuş olsa, istirahət etsinlər. Misal üçün, götürək kəndli qızının Şahzadəyə şikayətə gəlməyini. Orada gərək, əvvala, musiqi kəndli qızının ağlamağını rəvayət edə. Məsələn… Rejissor zəngi çalır. Pərdə dalından musiqi çalınır. Elə bu yerdə Azad bəy deyir: Azad bəy. Əvvala, zəmani ki, bəndeyi-həqirələrin müfəssəl fərmayişinə səbr və hövsələ ilə qulaq verdim, lazım gəlməzmi ki, siz də bir-iki dəqiqə səbrü hövsələ ilə mənim ərzimə etina edəsiniz. Mən deyirəm ki, zəmanəmizin və əsrimizin təqazası daim ki, danışmağı heç eyib götürməz. Zənnimdə əsrimizin həman iqtiza və şəraitinə də baş doktoru bir zərrə qədər və mügayir və müxalif görmürəm. Zira ki, azad bir əsrdə azad millət arasında hər bir şəxsin zənn edirəm ixtiyarı gərək olsun ki, özü üçün təəhhül qərar verdiyi surətdə öz xoşladığı qadını evlənməyə dəvət etsin. Baş doktor kimi azad və mədəni bir vücud zəmanı ki, evlənmək istədi, ta qədim kişilər kimi bəyəndiyi qızın yanına xala nisbəti, ya bibisini elçi göndərməyəcək. Mən elə qanıram ki, burada baş doktor həzrətlərinin küçədə rast gəldiyi bir qadına evlənmək təklifi azad əsrin, azad iqrarın azad rəftara münasibətlərinin adi şəklidir. Burada heç nə o qadının rəncidə-xatir olmağa haqqı var, nə də bizim burada atılıb-düşməyimizin bir mənası var? Səslər. Necə mənası yoxdur, bu nədir? Digər səslər. Əlbəttə, mənası yoxdu. Azad bəy. Əlbəttə, mənası yoxdu. Əli Qeyrətmənd (Azad bəyə) Elə dünyada sənin üçün yaxşı və pis, qeyrət və binamusluq… Millətpərəst Qəhrəman Natiq (qeyzli, Azad bəyə). Yox, yox, bu dəxi yaramadı. Azad bəy, bu dəxi yaramadı. Hələ siz bunu unutmayın ki, xəstəxananın baş doktorunun kəbinli arvadı da var. Zəmanı ki, onun dübarə arvad dalınca düşdüyünə biz heç bir ad qoya bilmərik. Səslər. Bu nə sözdü, bu nə sözdü? Azad bəy. Xub, nə eybi var? Tutalım ki, övrəti var. Məgər biz yenə köhnə əsrlərə qayıdıb gedəcəyik, məgər biz yenə axundların kəbin zəncirlərinə bağlı olacayıq? Nə eybi var. Mən ki, bir övrəti istəmirəm, kəbinli də olmuş olsa, onu məgər mən boşuyub qeyri-övrət ala bilmərəm? Bəs, dəxi inqilabımız harada qaldı? Səslər. Bu nə sözdü, bu nə danışır? (Hay-küy). Azad bəy. Qardaşlar, axır, bir çığır-bağır salmayın, görək ki, axır nə oldu? Dünya-aləm dağılmayıb ki?! Xub, tutalım ki, baş doktor gedib, bir-iki övrətə evlənmək təklifi eləyir. Xub, nə olub ki, eləyib, eləyib. Hər kəs istər gələr. İstəməz gəlməz. Doktor bir kəsə zor ki, elməyib. Ya biabırçı söz ki, deməyib? Qeyrətmənd Cahangir. Necə nə olub? Bilsən ki, nə olub, mən hələ çoxunu açıb demirəm, Allah ona insaf versin. Azad bəy. Nə olub? De bilək? Nə eybi var? Qeyrətmənd Cahangir. Belə sözün aşkarı budur ki, doktor kəbinli arvadlara da müştəri çıxıb. Səslər. Bəli, doğrudur. Səs. Əşşi, belə şey olmaz. Azad bəy. Xub, kimə müştəri çıxıb? Hansı kəbinli övrətə? Qeyrətmənd Cahangir (o tərəf-bu tərəf baxır). Adını burada söyləyə bilmərəm. Səslər. Yox, o sözlər lazım deyil. Azad bəy. Xub, tutalım ki, müştəri çıxıb. Mən zənn edirəm ki, bu sözlər qondarma bir sözdür. Baş doktor mədəni bir şəxsdir. Elə biqayda işi görməz. Amma tutalım ki, görübdür. Bəlkə, bir övrətə göz yetirib, nə eybi var? Əgər o övrət ərindən nifrət edib boşanar, sonra müvafiq qanun və ədalətlə baş doktora ərə gedə bilər. Yox, əgər, ərini istəyirsə, min adam ona müştəri olsun, bunun isə bir ziyanı ola bilməz. Millətpərəst Qəhrəman Natiq. Azad bəy, sən birini bilirsən, birini bilmirsən. Bu saat bizim şəhərdə mən eşitdiyimə görə, doktorun övrətlərə təklifinin nəticəsində üç-dörd yerdə nişanlı qızlar adaxlılarını rədd eləyirlər ki, doktora gəlib arvad olsunlar. Səslər. A kişi, bu nə sözdü? Səslər. Doğrudur, doğru. Səslər. Vallah, lap biabır olduq. Azad bəy. Belə iş olmaz. Kimdi o qızlar? Kimdi o qızlar? Qeyrətmənd Cahangir. Necə kimdi? O sözü danışmaq olar? O sözdən qan qoxusu gəlir. Səslər. Olmaz, danışmaq olmaz. Səslər. Necə olmaz. Çox əcəb olar! Bir səs. Çox əcəb olar! Hazır biri bizim qonşu qızıdır. Səslər. Kimdi? Qeyrətmənd Cahangir (qeyzlə). Kəs səsini, kəs səsini! Bir səs. Heç də kəsmirəm. O niyə belə namərdliyi eləyir. Səslər. Kimdi? Kimdi? Deyin ki, biz də səsimizi kəsək. Azad bəy. Kimdi? Niyə biryolluq mətləbi açmıyaq? De, görək kimdi? Səs-küy qalxır. “Birini deyin, o birini istəməz!” Səslər. Kimdi? Kimdi? Burada birdən hamı sakit olur. Çünki Dəli Şahzadənin və iki nəfər yalançı müavin doktorların qolundan iki nəfər şəhər nəzarətçisi və iki nəfər qapı qulluqçuları tutub , çöldən gətirirlər içəri. Şahzadə dəlixanaya daxil olmaq istəmir. Geri çəkilə-çəkilə deyir: Şahzadə. Mənə zülm edirsiz. Məni təhqir edirsiniz. O səbəbə ki, mən evlənmək istəyirəm. Amma siz mənə zor ilə mane olursunuz. Qapıçı Dəli Şahzadənin və müavinlərinin üstündən baş doktorun paltarlarını alıb asır yerindən. Gözlüyünü alıb, qoyur mizin üstünə. Qapıçı. Allah sənə insaf versin; yəqin ki, dünya aləmi biabır elədin. Bizim də evimizi yıxdın. Bilirəm, bu işin üstə baş doktor ikimizi də qulluqdan çıxardacaq. Bundan sonra hər üçünün qolundan yapışıb, aparır qatır dəli kişilər şöbəsinə. Şəhər nəzarətçisi (qapıçılara). Çox qəribə. Bəs, bunlar məgər doktorlar deyil ki? Biz elə güman edirik bunlar həqiqətdə həkimdirlər. Ancaq keflənib, düşüblər küçələrərə. Qapıçı. A kişi, Allah bunların evini yıxsın. Həkim hansıdır, üçü də dəlidir. Bizim başımızın qarışıq vaxtında fürsət tapıb, həkimlərin paltarlarını geyib, qaçıblar şəhərə. Şəhər nəzarətçisi (bir qədər fikir eləyir). Bu, yaxşı iş olmadı. Necə sizin üçün və bütün xəstəxana üçün bu bir intizamsızlığa dəlalətdir, habelə bizim şəhər nəzarəti üçün böyük bir əsbabi-zəhmət olacaq. Bu səbəbdən ötrü şəhərdə bu saat böyük bir vəlvələ var. Camaat hay-küy salır. Qeyrətmənd, Millətpərəst və Azaditələb – bunlar yumruqlarını qapıçılara tərəf tutub, uca səs ilə hədələyirlər. Şəhər nəzarətçiləri (Camaata). Vətəndaşlar! Xahiş olunur, coşmayasınız! Hər nə eləyirsiniz, qanundan çıxmayasınız. Qeyrətmənd. Bu dəxi lotuluq oldu. Baş doktorluq olmadı. Bu həşəmətdə bir xəstəxananın idarəsini sənə etibar edələr, nainsaflıqdır ki, iki nəfər köməkçi həkimləri də salasan yanına, düşəsən şəhərin küçələrinə. Və qədim peyğəmbərlər kimi hər bir övrət qabağına çıxdı, deyəsən mən evlənmək istəyirəm. Gəl, səni alım. Dəxi, sözün doğrusu, bu, doktorluq olmadı. Bu, lotuluq oldu. Qapıçılar yavaşca əllərini ağızlarına basırlar və yalvarırlar ki, camaat hay-küy eləməsin. Qapıçı (yavaşcadan). Aman günüdür, yavaş danışın, çünki, burada baş doktorda təqsir yoxdur, təqsir bizdədir. O biri qapıçı. Aman günüdü, səs salmayın. Bizi bağışlayın. Millətpərəst. Doğrusu, millətlər içində biabır olduq. (Gedir. Yumruğunu silkələyir və ucadan). Bu saat mərkəzə, səhiyyə nəzarətinə teleqrafla xəbər vermək lazımdır. Baş doktor və iki nəfər müavini daxil olurlar. Baş doktor (hövlnak). Nə olub, camaat, nə xəbərdir? Camaatın içinə qilü-qal düşür. Əli Qeyrətmənd, Millətpərəst, Qəhrəman Natiq, Vəli Azaditələb istəyirlər doktorların üstünə hücum aparsınlar. Şəhər nəzarətçiləri qoymurlar. Baş doktor (şəhər nəzarətçisinə). Axır, bir bizi başa salın görək, nə olubdur və bu nə hücumdur? Əli Qeyrətmənd (baş doktora). Dəxi, nə olacaq? Belə bir ədəbsizlik heç bir vilayətdə baş verməyibdir ki, siz cənablar öz müavinlərinizi də götürüb, düşmüsünüz şəhərin canına, özünüzü Türküstan Şahzadəsi kimi qələmə verib, rastınıza gələn övrət xeylağını bir para yaraşmayan ibarələr və işarələr ilə təhqir edəsiniz. Baş doktor istəyir cavab verə. Nəzarətçi də istəyir danışa. Millətpərəst Qəhrəman Natiq (qeyrilərə danışmağa macal verməyir). Əgər siz şərab içib, keflənməyə çıxırsınız, dəxi nə səbəbə görə küçəyə çıxırsınız? Vəli Azadixah. Tutalım küçəyə çıxdın, məgər hər rast gələn övrət xeylağına demək olarmı: “Mən evlənmək istəyirəm. Gəl, səni alım”. Məgər, belə bir hərəkət sizin üçün şayəstədir? Çox eyib olsun. Nəzarətçilər gülürlər. Əli Qeyrətmənd (nəzarətçilərə) Təvəqqe edirik ki, gülməyinizin səbəbini bildirəsiniz. Amma zənn edirəm ki, burada bəlkə elə ağlamaq lazımdır, nəinki gülmək. Millətpərəst Qəhrəman Natiq. Ondan ötrü ki, millətlər içində binamus və biabır olmuşuq. Gülən nəzarətçi (camaata). A kişi, bir səbr edin. Qulaq verin, mən sizi işdən halı edim. Camaat sakit olur. Doktorlar da heyrətlə qulaq asırlar. Nəzarətçi. Buradan şəhərə gedən və övrətlərə evlənmək təklifini edən bizim bu doktorlar deyillər. Siz müştəbeh olmusunuz. Camaat (təəccüblə). Bəs, kimlərdir? Nəzarətçi. Həmin xəstəxanada olan üç nəfər dəlidir. Camaat. Necə üç nəfər dəli? Nəzarətçi (qapıçılara) Dəxi, niyə dayanırsınız? Barı həman dəliləri camaata nişan verin ki, sakit olsunlar. Qapıçılar Baş doktora yaxınlaşırlar və ondan icazə istəyirlər. Baş doktor. Allah sizə insaf versin. Yəqin, o, Dəli Şahzadəni buraxmısınız şəhərə. Vay, vay, biabır olduq. Qapıçı kişilər şöbəsinin qapısını açır. Dəli Şahzadə və iki nəfər müavini dinməz-söyləməz gəlirlər, gedirlər doktorun kənarında dayanırlar. Şahzadə camaat içindəki övrətlərin arasında İsmət xanımı görüb, onun üstünə hücum edir: – Mən evlənmək istəyirəm və səni almaq istəyirəm. Son * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-er İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.