Felyetonlar və məqalələr (1906–1914) Cəlil Məmmədquluzadə (1869–1932) Lisan bəlası Üç kəlmə hikmət kəlmələrindən Hər kəs danışsa, əlbəttə, öz-özünü xar, zəlil və naçiz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər: – Ya ruhullah, dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. Buyurdu: – Heç danışmayın. Ərz elədilər: – Ya ruhullah, heç danışmamaq olmaz. Buyurdu: – Əcəb olar. Həzrət Süleyman əleyhüssəlam buyurdu: – Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır. Danışmamaq danışmaqdan yaxşıdır. Heç bir müsəlman gərək danışmasın: Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki, sakit və samitdir, – o qədər gözəldir. Elə ki, başladı danışmağa, – dəxi gözəllik itib gedir. Odur ki, Müsləhəddin Şirazi deyib: Zəban dər dəhan, ey xirədmənd, çist? Kilidi-dəri-gənci-sahibhünər. Çü dər bəstə başəd bədanəd kəsi Ki, cəvahir füruşəst ya piləvər. Bu mətləbləri təsdiq edəndən sona, Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin: Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol danışma! Gər qeyriləri cəmdəyinə vursala, dinmə! Gər başın əyib peysərinə dursala, dinmə! Ya zülm edə, ya boynuna kəndir sala, dinmə! Ya ruzunu cəbr ilə əlindən ala, dinmə! Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma! Gər qüssələnib eyləyəsən nadəvü-zarı, Mal ol və danışma! Hər bir-iki gün dur ayağa, bağla dükanı, Get bir yavuq həmmamə, uzan, bağla hənanı, Yum gözlərini, dinmə və həm gözlə əzanı, Gər eyləmiş olsan gecə bir tövr xətanı, Get gir suya ta əxz edəsən rahəti-canı. Sal başını aşağa və heç baxma yuxarı, Lal ol danışma! Ey dil, dəxi dinmə və sükut ol, sən[i] tarı, Mal ol və danışma! Gər cümlə təvayif sənə əfsus edə etsin, Axirdə hökumət özünü rus edə etsin, Həm mollaların rus əlini bus edə etsin, İslamı cahanda dəxi məyus edə etsin, Ya etməyə ya ar və namus edə etsin. Şükr et, yegilən bozbaşını, eylə naharı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma! “Molla Nəsrəddin”, 7 aprel 1906, №1 * * * Atalar sözü Dunyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəllərindən “Atalar sözü” namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəsturüləməl etsinlər. Atı atın yanında bağlasan – xan görüb deyər: Birini bağışla mənə. Ata malı olan yerdə özün qazandığın haramdır. Adamın ölümü bikarların bayramıdır. Ata və arvada etibar etmə – hər ikisini qat tövləyə və qapısını bağla. Ac toyuq yuxusunda plov görər. Aclıqdan kimsə ölməz – qələt eləyir, çörək vermə. Açıq kağız ac qalmaz – küçələrimizin tozuna Allah bərəkət versin. Axşamın işini sabaha qoy, sabahın işini axşama. Adam yata-yata alim olur. Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur. Anlayana da qul ol, anlamayana da. Olacağa çarə yoxdur, qoy hər nə olacaq olsun. Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə. Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər. Uşağın şüurlusu dərsdən qaçar. Plovun yağlısını yeyən yaxşı fatihə verər. At at ilə boğuşar, hökumətin işi rast gələr. Eşşəyə gücü çatmır, müsəlmanı taptayır. İşləmək adamı puça çıxardar. İşsizlik dövlətlilik açarıdır. İkiarvadlı ev bərəkətli olar. Başladığın işi yarıda qoy. “Molla Nəsrəddin”, 7 aprel 1906, №1 * * * Molla Nəsrəddinin teleqramları Dövlət dumasına baykot (kənar olmaq) Varşava – aprel 13. Polyaklar dövlət dumasını “baykot” edib intixaba qarışmırlar. Tiflis – aprel 4. Ermənilərin “Daşnaksütyun” firqəsi Rusiya idarəsinin hazırdakı övzaından narazı olub və rus padşahının fevralın iyirmisində sadir olan manifestini nəzərə alıb dövlət dumasını baykot etmələrini qəzetlərdə elan etdilər. Petrovsk – aprel 3. Buranın müsəlmanları dövlət dumasını “baykot” edirlər və küçələrdə seçki siyahılarına baxıb və heç bir müsəlman adı görməyib öz-özlərinə deyirlər: “Ədə, bu xarici millətlər gör nə zalımdırlar: bunlar haradan biliblər ki, Petrovskdə heç bir müsəlman yoxdur?”. Quba – mart 27. Quba mahalında bir neçə müsəlman hökumətin idarəsindən və ələlxüsus hürriyyətin yoxluğundan gileyli olub tüfəngi götürüb çıxıblar poçt yoluna və yolu kəsib hökumətin acığını yol ilə keçən aciz, avara yəhudi və müsəlmanlardan çıxardırlar və hər bir rast gələnə deyirlər: “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib”. Tiflis – aprel 2. Müsəlmanlar dövlət dumasını “baykot” edib polyaklar kimi intixaba yavuq düşmürlər və seçki siyahılarını divarlardan cırıb deyirlər: bu axmaqlar xalqın divarlarını nə səbəbə murdar yapışqan ilə murdarlayırlar? İrəvan – aprel 8. Danabaş, İtqapan və Qurbağalı mahalının müsəlmanları fevralın iyirmisində elan olunan manifesti xoşlamayıb dövlət dumasına qarışmaq istəmirlər. Gəncə – aprel 2. Bir dəstə qaçaq dövlət dumasını “baykot” edib, gedib bir meşədə gizləniblər. Orada pristav Məhəmmədbəyov ilə dəxi bir neçə özgə qulluqçuları öldürüb, yaralayıb, dumanın acığını bunlardan çıxardıblar. Söyləyirlər ki, həmin qaçaqlar sosialist və hürriyyət tərəfdarıdırlar. Ordubad – aprel 3. Burada bir müsəlman vaqiə görüb. Bu vaqiəni bir müsəlman belə təbir edir ki, müsəlmanların məsləhəti dövlət dumasını “baykot” etməkdir. Məhz budur səbəb ki, çox yerdə müsəlmanlar intixab siyahılarını divarlarda görəndə bir-birinə deyirlər. “Ədə, buy!.. Bu kağızları niyə bura yapışdırıblar?”. “Molla Nəsrəddin”, 14 aprel 1906, №2 * * * Tiflis xəbərləri Aprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər. Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi – qəlbdən istəməklik səbəbindən bu ərizələri doldurub işkaplara ki, Allah-taala özü xəlq etdiyi siçanlar ac qalmasınlar. Çünki xəllaqülaləm cəmi yaratmışlarına bir ruzi borcludur. Noyabr ayının iyirmi üçündə erməni-müsəlman davası düşən kimi mənim əziz qonaqlarım dağıldı hərəsi bir yana. Mənim onlara yazığım gəlmir. Mənim yazığım müsəlmanlara gəlir. Çox sözlərim var, ancaq hamısını bu ərizədə yazmağı rəva görmürəm. Əgər mən bilən duma idarəsi ya ərizə verən müsəlmanlar bilələr, görərlər ki, o gözəl qonaqlarımın bu məhəllədən köçməkləri bir para müsəlmanlar üçün nə mərtəbədə bədbəxtlikdir. Bu ərizəni duma idarəsinə pişnahad edib artıq-artıq təvəqqe edirəm ki, məhz müsəlmanların məsləhətini nəzərdə tutub fahişəxanaları mənim evlərimə köçürdəsiniz. Ərizəyə qol qoyub: Yaranal D.A.Sumbatov, qeyri-Sumbatov knyazlar və müsəlman cənablarından bir neçə nəfər. “Molla Nəsrəddin” 14 aprel 1906, №2 * * * Çerivanski ilə yoldaşının söhbəti – Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz. Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın. – Çox əcəb, çox əcəb! O vəhşi müsəlmanların bədəvi adətlərini qaldırıb, onların yerinə bizim gözəl və mədəni rus adətlərimiz öyrədilməzsə, bunlar heç vaxt adam olmayacaqlardır. Çerivanski – Elədir, elədir! Mən və mənim yoldaşlarım da zatən bu cür fikir edirik. – Amma… Amması, nə olacaq? Çerivanski – Mən elə bilirdim ki, müsəlmanlar üçün hazırladığım “layihə” köhnə hökmlərimiz kimi, səssiz, etirazsız qəbul olunur. – O nə söz, kimdir qəbul etməyən? Şükür Allaha, indi hökumət vəzifələrinin çoxu siz fikirdə, siz kamaldakı cənablardır. Çerivanski – Uf….. Acığımdan başım partlayır! Nə günlərə qaldıq ki, bu əzəmətli, bu dünyanı yaxıb yıxan idareyi-hökumətimizə alçaq camaat dəxi qarışmaq istəyir! Ah! Köhnə günlər nə xoşbəxt günlər idi ki, hər işi, hər qanunu istədiyimiz kimi yazar, pozardıq. Qələm, hökm əlimizdə, nə cür kefimiz istəyirsə, elə edərdik. Kimin həddi vardı ki, bizim hökmlərimizə, zakonlarımıza narazılıq cürətini edə idi? – Ay canım, indi nə olub, neçün ürəyinizi belə sıxırsız? Çerivanski – Deyirəm ki, mənim “layihə”min hikmətinə bəzi müsəlmanların ağlı erməyib dumada narazılıq göstərmək asiliyinə indidən hazırlaşırlar. – Çox təəccüb edirəm ki, sizin kimi böyüklər də elə uşaq sözlərinə, alçaq camaat xahişlərinə qulaq verəcək kiçikliyə tənəzzül edirsiz! İgidliyinizi itirirsiz. Çerivanski – Xeyr, biləks igidliyimi artırmaq istəyirəm. Amma mənim və yoldaşlarımın tədbiri qorxuram baş tutmayacaq. Dumaya seçilənlərin çoxu bizim xahişimizin tərsinə “hürriyyətpərvərlər” olacaq. Bu halda qorxuram ki, camaat tərəfini tutan səfeh professorlar, dəli advokatlar, xain müəllimlər dumada müsəlmanların təvəqqələrinə səs verələr. Qorxuram müsəlman məsələsi dumada baxılarsa, müsəlmanlar udalar. – Mən də elə bildim ki, qorxunuz polyaklardan, gürcülərdən, ermənilərdəndir. Biz ruslar müsəlmanların çox qışqırıqlarını, çox hayküylərini eşidirik. Amma heç birinin dalı gəlmir. İspiçka kimi tez alovlanıb tez də sönürlər. Bir də, harda müsəlmanlarda elə qeyrətli, həmiyyətli vəkillər ki, “müqəddəs”lərə boyun əyməkdən qurtulub millət xeyrinə çalışalar. Müsəlmanlardan tərəf arxayın olunuz ki, dumaya lal gəlib kor gedəcəklər. Çerivanski – Mən də zatən müsəlmanlardan qorxmuram. Müsəlmanlara kömək edəcək səfeh ruslardan, polyaklardan qorxuram. – Siz lap arxayın olunuz! Yoldaşlarınız cənab Vitte, Durnovo və qeyri-hökumət igidləri elə tədbir tökməyiblər ki, dumada bir iş görülsün; dumada söylənəcək sözlər, tədbirlər bir qəpiyə dəysin, Allah qoysa “Dövlət şurası”, yəni millət şurasının ağası sağ və qüvvətli olduqca dövlət duması ağzını qurbağalar kimi açıb yummaqdan savayı bir iş görə bilməyəcəkdir. Sağ olsun xuliqanlarımız! “Molla Nəsrəddin”, 14 aprel 1906, №2 * * * Bizim “obrazovannı”lar Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm: – Hardan gəlirsən? O mənə belə cavab verir: – Ya xodil na poçtu. Deyirəm: – Dünən niyə bizə gəlmədin? Cavab verir: – K nam prişli qosti. Deyirəm: – Yaxşı, qonaqlar gedəndən sonra gələydin! Cavab verir: – Net, uje bılo pozdno. Deyirəm: – Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək? Cavab verir: – Postarayus, no slovo ne dayu. Deyirəm! – Xudahafiz! Cavab verir: – Do svidaniya! Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!.. Axırı bir gün dostumdan soruşdum: – Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə rus dilində belə cavab verdi: – Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit!.. (yəni obrazovannının müsəlmanca danışmağı eyibdir!). – Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!.. Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib: – Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!) Anası cavab verib: – Bala, nə dedin? Rəfiqim cavab verib: – Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir. – Bala, nə bişirim? – Çort yeqo znaet!.. Yadımdan çıxıb… Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana… Bir cür adı var… – Bala, küftə deyirsən? – Hə… hə… qofta, qofta! “Molla Nəsrəddin”, 14 aprel 1906, №2 * * * Molla Nəsrəddinin cavabı Ağdaşda Kərbəlayı Nəcəfqulu Kərbəlayı Cəfər oğluna Ey dostum Kərbəlayı Nəcəfqulu! Sən yazırsan ki, mən naxoşam. Yazırsan ki, durduğum yerdə, küçə ilə getdiyim yerdə elə bərk yuxum gəlir ki, az qalıram yıxılam; yazırsan ki, iştaham azalıb: belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm; sübh vaxtı kabab yeyəndə, axşam bozbaş yeyirəm; yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur, elə ləzzətlə gərnəşirəm ki, az qalıram yıxılım yerə; yazırsan ki, heç bir iş görməyə həvəsim yoxdur və bir işi başlayanda ya hamam yadıma düşür, ya evimizdə yorğan-döşək; yazırsan ki, hamama girən kimi məni elə bir yuxu tutur ki, soyunmağa macal olmur; və bunu da yazırsan ki, uşaqlıqdan bu mərəz məndə peyda olub; və bunu da yazırsan ki, mənim yoldaşlarım və dostlarım və qonşularım hamısı bu naxoşluğa mübtəla olublar; yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilaaxır. Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. Yazırsan Məhəmməd Qasım kimi haziq təbib səni bu mərəzdən xilas eləyə bilmədi və yazırsan ki, mən Tiflis həkimlərinə əhvalatını söyləyim və bilim görək sənə bir çarə edə bilərlərmi ki, Tiflisə gəlib burada özünə müalicə etdirəsən. Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqam. Bunu da sənə deyirəm ki, sənin Tiflisə təşrif gətirməyin ona səbəb ola bilərdi ki, nökərinə bir yadigar qoyub gedərdin; çünki məcmuəmizin nəqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin ismi-rəsminin baqi və yer üzündə məşhur olmağına ciddü cəhd edərdi. Amma səd əfsus ki, sənin dərdinin çarəsi buraya gəlməkdə deyil. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər fürsəti fovtə verməyib gedəsən İrəvana, ya Naxçıvana və həmin səfalı şəhərlərin hamamlarının gözəl sularında çiməsən. Əgər həmin müalicə tezlikdə bir fayda verməsə, əlbəttə, gərək təxir etməyib Təbriz səfəri edəsən və həmin şəhərin hamamlarına müşərrəf olub, çoxluca çimib, anadan doğma kimi saf və səlamət olub, qayıdıb gələsən vətəninə. Dəxi bundan artıq ərz etməyə qabil bir sözüm yoxdur. Səni qəlbdən istəyən: Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 aprel 1906, №2 * * * Hamama – Hara gedirsən, Məşədi Məhəmmədnəcəf? – Hamama. – Yanınca gedən uşaq kimdir? – Rəhmətlik Həsən əminin oğludur. Allah bağışlasın, çox fərasətli uşaqdır. Aparıram hamama canı təmizlənsin. – Qulaməli, ustan hara gedib? – Hamama. – Bə səni nə əcəb aparmayıb? – Bu gün Qurbanın növbətidir. – Kərbəlayı Novruzəli! Mallara baxmaq istəyirsən, dur gedək bax, yoxsa satacağam, müştərisi var. – Gedirəm hamama, indi baxa bilmərəm. – Məgər dünən getməmişdin hamama? – Əhmədin canı çirklənib. Gərək hamama aparam təmizlənsin. Maşallah, maşallah, qardaşoğlu, əcəb oğlan olmusan! Gələsən mənə şəyird olasan. Sənə qırmızı arxalıq alaram geyəsən. Fındıqkişmiş alıb dolduraram ciblərinə yeyəsən. – Bəlkə anam qoymadı? – Get anana de, razı olmasa, sənə məvacib də kəsərəm ki, aparıb verəsən anana. – Qoy gedim anama deyim. – Tez get, di xəbər gətir. İki gündən bir səni hamama da apararam ki, təmiz olasan. – Qoy gedim anama deyim. – Get tez xəbər gətir. Bu gün niyə dükanların çoxu bağlıdır? Kərbəlayi Oruc gedib hamama, Məşədi İskəndər gedib hamama, usta Əli, usta Sadıq, usta Həsən gedib hamama. Məşədi Nəbi, Məşədi İsfəndiyar, Məşədi Ümmətəli, Məşədi Heydərəli gedib hamama. Kərbəlayi Qasım, Hacı Məhəmmədəli, Hacı Ələsgər, Hacı Möhsün, Hacı Haqverdi, Hacı Qara, Nacı Namaz, Hacı Xalıqverdi gedib hamama. Mozalan “Molla Nəsrəddin”, 14 aprel 1906, №2 * * * Qəbirdən məktub Fevral ayında əcəl şərbəti içib dünyayi-fanidən dari-bəqaya rehlət edən Yatyata şəhərinin mütəvəllisi Axund Hacı Molla Cəlil ağa həmin aprelin on birində öz ruhani yoldaşlarına bu məzmunda bir məktub yazıb göndərib: – Ey mənim yoldaşlarım! Mən sizdən incimişəm və səbəbi də budur: mən dünyada sağ ikən siz gündə yüz otuz iki dəfə mənə deyirdiniz: – Ay Hacı ağa, uyma dünyaya, Allah bir parça çörək göndərib, otur aşağa, yığ başına oğul-uşağını və məşğul ol yeməyə. Nə hasil olacaq sənə bu beş günlük dünyadan? Nə gecə və gündüz övqatını zəhmət və məşəqqətlə keçirirsən? Məgər kifayət eləmir sənə mollalıqdan, vaizlikdən və mərsiyəxanlıqdan gələn mədaxilin? Dəxi mütəvəlliliyi nə üçün öz üstünə götürübsən ki, xalq sənin barəndə iki yüz min bəd güman eləsin? Bu sözləri siz mənə deyəndə, yadımdadır, Qurana and içib yeddi silsilədən bəri ölənlərinizə lənət oxuyurdunuz ki, əgər sizə bir milyon da pul verələr, ya qubernat sizlə əl-ələ verə, siz yenə mütəvəlliliyi qəbul etməzsiz. Siz deyirdiniz ki, dünyada bundan da ərzəl bir iş yoxdur. Sonra mən naxoş oldum və siz bir neçə dəfə gəldiniz iadeyiziyarətimə. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. Sal yadına onu, ey mənim dostum ki, içəri girən kimi gəlib məni qucaqladın. Aptekdən təzə dərman gətirmişdilər. Həmin dava mənə çox kömək edirdi və rəngi də qırmızı idi. Ey dostum! Sən həmin davanın şüşəsini stolun üstündən götürüb, tıxacağını çıxartdın və burnuna tutub, üzünü elə turşutdun ki, qoca meymuna oxşadın; sonra yenə qoxuluyub tüpürdün şüşənin üstünə. Çünki üzün mənə tərəf idi, mənim üzümə bir neçə qətrə su atıldı və yorğanın kənarı ilə üzümü sildim. Bir qədər də üzünü turşudub, qudurmuş kimi durdun ayağa, götürdün şüşəni, gedib qapını açıb, çıxdın dalana və elə bir hirslə şüşəni vurdun kərpiclərin üstə ki, mən qorxumdan yorğanı çəkdim başıma və başladım həmzad duası oxumağa. Sonra mənim yanıma gəlib dedin: – Ay Hacı Molla Cəlil ağa, sən olasan o yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını! Dedim: – Ay başına dolanım, bəs nə içim ki, yaxşı olum? Dedin: – İçmə, içmə, içmə! Pənah xudaya gətir. Dedim: – Yaxşı, sən ki, məsləhət görmürsən, mən də içmərəm. Yadındadırmı, ey mənim dostum ki, sonra mənə əyilib, ağzını sağ qulağıma tutub, yavaşca dedin: – Yaxşı olmaq istəyirsən? Dedim: – İstəyirəm, necə ki, istəmirəm! Dedin: – And iç ki, mənim sözümə əməl elərsən! Mən and içdim. Sonra cibindən dörd həb çıxarıb dedin: – Bunlar həbbi-səlatindirlər. Bunların birini indi, birini nahar vaxtı, birini axşam və birini də gecə yarısı ye. Dedim: – Baş üstə. Bə həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? Dedin: – Cavab ver ki, istixarə elədim, yaxşı gəlmədi. Vəssalam. Ey müqəddəs yoldaşım! Sənin həbbi-səlatinin başına dəysin! Sən özün çox əcəb bilirsən ki, sənin mənə verdiklərin məhz həbbi-şəyatin imişlər. Haman həbləri mən yeyən gecə vəfat etdim. Amma yazıq həkimin yanında çox xəcalət çəkdim. Həkim dalana girən vaxt davasının qoxusunu eşitmişdi. İçəri girib və şüşəni mənim yanımda görməyib, bir şey başa düşdü və dedi: – Niyə mənim davamı içmədin? Cavab verdim: – İstixarə elədim, yaxşı gəlmədi. Biçarə həkim börkünü götürüb və bircə dəfə “xaraşo” – deyib çıxıb getdi. Ey mənim ruhani yoldaşlarım! İndi mən eşidirəm ki, həmin mütəvvəllilik mənsəbini ələ gətirməkdən ötrü bir-birinizlə əlbəyaxa olub yumruqlaşanda əmmaməniz çaya düşüb. İttifaqən həmin vaxt rus və müsəlman məktəbxanasının şagirdlərindən iki nəfər dərsdən qaçıb oturmuş imişlər çayın kənarında və ayaqlarını suya uzadıb müəllimlərini şeirlə bir-birinə mədh edirmişlər. Sizin əmmamənizi suyun üzündə görüb başlayıblar əmmaməni daşa basmağa. Bir gileyim də var sizdən, ey mənim ruhani qardaşlarım! Yadınızdadır ki, mən naxoş olan vaxt bir gün gəlmişdiniz, deyirdiniz: ay Molla Cəlil ağa, sən niyə ölümdən qorxursan? Qoy qorxsunlar günahkarlar və bəd əməl sahibləri. Sən ki, Allaha şükür, behişti-bərinə qalxıb cənnətməkan və firdosaşiyan və məlaiklərlə həmcəlis olacaqsan. İndi mən buraya gəlib sizin həmin sözlərinizi yadıma salıram və ürəyim az qalır qanla dolsun… Çox söz bu barədə söyləyə bilərdim; amma qorxuram ki, işlər xarab ola… Ancaq bunu deyə bilərəm ki, yenə hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə!.. Ax o günlər, o dəmlər, o zamanlar!.. Xoş ol zaman ki, xalq yatıb bizəban idi, Bəzmim pilavü çay ilə rəşki-cənan idi, Soltan idim ki, vəz ilə hökmüm rəvan idi, Millət qulam idi mənə, bəxtim cəvan idi, Malü xəzinə maili-arami-can idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi! Könlüm əvamdən açılırdı kərəm görüb, Cəhlin ziyadə, əql və huşunu kəm görüb, Hər məclisə gedib özümü möhtərəm görüb, Bihədd kar, kor, keçəl dəmbədəm görüb, İsmim cahanda molla deyil, bəlkə xan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi! Mən səslənəndə, görəndə məni mal olurdular, Mən hirslənəndə dəfətən ishal olurdular, Mən hökm edəndə xak ilə pamal olurdular, Qeyzim tutanda əbləhə əmsal olurdular; Xalqın xudaya söylədiyi “əlaman” idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi! Mən hər dəqiqə şad, özümü xar görmədim, Rahət olub vücudumu bimar görmədim, İçdim, yedim, məşəqqət ilə kar görmədim, Zülmü, cəfanı, həm təməhi ar görmədim; Neylim dəxi ki, tarıya bunlar əyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi! “Molla Nəsrəddin”, 21 aprel 1906, №3 * * * Molla Nəsrəddinin xəlvət cavabı Bakıda “Dəmdəməki”yə Ay Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın? Yəqin bil ki, bakılılar səni daş-qalaq edib mənim da məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar banlayır?! Mən yaza billəm ki, Bakı cəmiyyətixeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox kahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?! Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana bilərəm ki, ermənilər çox xoşnud oldular? Ay Dəmdəməki, məcmuəmdə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılarla bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?! Ay Dəmdəməki, sən dəlisən – nəsən? Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar? Ay Dəmdəməki, bir fikir elə gör, mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin? “Molla Nəsrəddin”, 21 aprel 1906, №3 * * * Lüğət Molla Nəsrəddinin qamusül-əlamından: Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır. Ehsan – Gözəl adamların xörəyi, məsələn, qırqovul ya toyuq ilə bişmiş plov. Ehzar – Xan ya qubernat qapısında məəttəl olmaq. İranda və Qafqaz müsəlmanlarının içində çox istemal olunur. İxtira – Yəni xörlərin peşəsi. Müsəlman içində istemal olunmağı caiz deyil. Amerika və Germaniyada çox işlənən sözdür. Əzlal – Xəlaiqi vəz və nəsihət ilə lal etmək. Bu sözü məhz vaizlər istemal edirlər. Əramil – Dul övrətlərə meyil etmək və onları on beş dəqiqənin müddətinə mütə eləmək. Xorasanda və İran məmləkətlərində çox istemal olunur. Qafqazda dəxi az işlənmir. İstibdad – Füqəranın və qürəbanın dadına yetişmək. İran, Rusiya və Osmanlı hökumətlərinin idarəsinin ovzaı. İstehmam – Yəni isti hamama getmək- Naxçıvanda və Təbrizdə hər dəqiqə istemal olunur. İstehya – Ölünü diriltmək. İslam aləmində keçən vaxtlarda çox işlənirdi, amma indi bərəks surətdə istemal olunur. İstixdam – Damın içinə övrəti qatıb qapıya qıfıl vurmaq. Amma üç-dörd övrət sahibləri üçün çətinlik ilə tələffüz olunur. İstirahət – İsti hamamda uzun yatıb rahat olmaq. İstecal – Əcəlin tez yetişməyinə tələsmək. Qafqazın qərib fəhlələrinin arzusu. “Molla Nəsrəddin”, 21 aprel 1906, №3 * * * Poçt qutusu Lənkəranda Məşədi Oruc Heydərəli oğluna: Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız. Göyçayda cənab M.K. ağaya: Üzərlik yandırınız, dua yazdırınız, tas qurdurunuz, hər nə eləyirsiniz eləyiniz, amma heç bir çarə eləməsəniz, dəxi də məsləhətdir. Qarabağda Hüseyn Kərbəlayı L. oğluna: Yazıb soruşursan ki, nə səbəbə məcmuəmizin tarixini və neçə gündə bir çıxacağını yazmamışıq. Gərək belə olaymış: Olacağa çarə yoxdur. Bir az səbr lazımdır: hamısını axırda bilərsən. Dəxi niyə ürəyini sıxırsan? Birinci nüsxəmizdə etdiyimiz suallara cavab: Vladiqafqaz şəhərində bir şəxsdən ki, adı yadımdan çıxıb. Mollaları və övrətləri rədd eləməyin çarəsi o evin qapısında bir nəfər Xorasan ya Təbriz dilənçisi əyləşdirməkdir. Tənbəllik və qeyrətsizlik İran məmləkətindədir. Haman şəhərdədir ki, orada şeyxi və üsuli bəhsi həmişə var, yəni Kirman şəhərində. “Molla Nəsrəddin”, 21 aprel 1906, №3 * * * Niyə məni döyürsünüz? A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin? Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm. Və bu da o vaxt ola bilər ki, keçəl-küçəl, tumançaq və bambılı, bit və sirkəli qardaşlarım sizlə mənim təfavütümü başa düşərlər. Hərçənd ki, siz də mollasız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var. Başağrısı da olur. Amma bu barədə bir neçə söz deməyi lazım görürəm. Bizim təfavütümüz bir neçə qismdir: Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha də sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yazan, cadukün, həmzad, əcinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin! İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız. Üçüncü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnunun fırtlığını sil. Və haman uşaq arxalığının sol qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: gədə, qırışmal, qaç atana de ki, vədə elədiyini bu gün göndərməsə, bir elə bəddua oxuyaram ki, yeridiyi yerdə daşa dönər. Dördüncü: mən də mollayam, siz də mollasız. Amma bir balaca təfavütümüz də budur ki, mən heç olmasa bir parça qalın kağız üstə bir neçə nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiniz: uşaqların da canı cəhənnəmə, nökərlərin də! Siz mollalar deyirsiniz: Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Qoy mən tox olum, özgələr ilə nədi karım? Dünyavü cahan ac olur-olsun, nə işim var? Səs salma, yatanlar ayılar, qoy hələ yatsın! Yatmışları razı deyiləm kimsə oyatsın. Tək-tək ayılan varsa da, haq dadıma çatsın! Mən salim olum, cümlə cahan batsa da batsın! Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var? Salma yadıma söhbəti-tarixi-cahani! Əyyami-sələfdən demə söz bir də filani! Hal isə gətir meyil eləyim dolmanı, nani! Müstəqbəli görmək nə gərək, ömürdü fani. Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var? Övladi-vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli-başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim ucalansın, Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var? Hər millət edir səfheyi-dünyadə tərəqqi, Eylər hərə bir mənzili-məvadə tərəqqi. Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, Biz də edərik aləmi-röyadə tərəqqi, Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var? “Molla Nəsrəddin”, 28 aprel 1906, №4 * * * İran təqvimindən Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq. Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya. “Həyat” mühərrirlərindən cənab Əliağazadəyə: “Həyat”ın 86-cı nömrəsində yazırsız ki, millətimizin tərəqqisi qəzet, məcmuə və kitabların artmağı ilə olar. Lakin görünür ki, siz də ”Ümidvar” kimi mollalara sərkeşlik və itaətsizlik edirsiz. Və həmin nömrədə cənab Molla Hafiz Məhəmmədəmin Şeyxzadənin buyurmağına mültəfit olmursuz. Diqqət etmirsiz ki, cənab Şeyxzadə qəzetlərin, qələmlərin çoxalmağından hefslənib fəryad qoparır: ”Ay haray! Bu son vaxtlarda əksər qələmlər süturi-müstəqimdən inhiraf edirlər. Bəzi mollaların iç üzlərini açırlar. Sirlərini, zəmirlərini qanıb camaatı başa salırlar. Aman, qoymayın belə işlər ola, din-iman əldən gedə…”. Biz bəradərlik namına sizdən təvəqqə edirik ki, cənab Şeyxzadənin əmrinə itaət edib yazdıqlarınızı düzəldəsiz. Yoxsa sizin də alnınıza tezlikdə sərkeşlik (ağ olmaq) damğası basılar. “Molla Nəsrəddin”, 28 aprel 1906, №4 * * * Bir para hikmətli danışıqlar – Məşədi Pirqulu, nə qayırırsan? – Heç zad. – Bə burada nə üçün durubsan? – Heç, elə-belə. – Kimi gözləyirsən? – Heç kimi. – Gedirsən, gəl gedək? – Heç bilmirəm. – Bə nə vaxtadək burada duracaqsan? – Vallah heç özüm də bilmirəm. Əgər istəyirsən gedək. – Kərbəlayı Həsən, utanmırsan, qızarmırsan, ayaqyalın, tumançaq və başıaçıq çıxırsan küçəyə? – Vallah utanmağa utanıram, amma qorxuram qızaram, qaradovoylar gəlib tutub aparalar qatalar dama ki, rəngin qırmızıdı. “Molla Nəsrəddin”, 28 aprel 1906, №4 * * * İdarəmizin əhvalatından bir neçə söz Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i.a. Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır. Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış, Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (gərək qonşularımız “Həyat” və “İrşad”ın əhvalı bu hesablara yavıq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar). Bizə ən çox abunə verən şəhərlərin əvvəlincisi Naxçıvandır; burada iki minədək müştərimiz var, əlavə min beş yüz nüsxədən ki, hər həftə burada satılır. Naxçıvandan sonra Batum, Danabaş, Vladiqafqaz və Gorus şəhərləridir. Üç minə yavıq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır (söz yox ki, dilimizin bir olmağı çox şərtdir). Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı və qeyri şəhərlərdə varımızdır. İdarəmizə göndərilən məktublar hər bir dildə yazılır: rusca, firəngcə, latınca, yaponca, kitay, hindi, ərəb, fars, avstraliya, pataqoniya… qərəz dərdisər olmasın, yetmiş iki millətin dilində yazılmış məktub idarəmizdə tapmaq olar (əlbəttə, elmin çox olmağı şərtdir). Söz yox ki, soruşursunuz, bəs bu yetmiş iki millətin dilində yazılan kağızları biz necə oxuyuruq. Yalan deyə bilmərik ki, cümləsini oxuyuruq. Kitay və pataqoniya dilində yazılan məktubların sahiblərinə həmişə xəbər veririk ki, özləri Tiflisə gəlib yazdıqlarını oxusunlar. Qalanlarını qoyuruq qabağımıza və zərrəbin vasitəsilə başlayırıq nöqtələrini götürüb öz yerlərinə düzməyə, yainki qəzet istəyənə karet, kürək istəyənə kürk və qurbağa istəyənə məcmuə göndəririk. Bizim rəyimizə qalsa, bunların eybi yoxdur. Şərt xəttin gözəlliyidir və halonki, idarəmizə gələn məktubların cümləsi gözəl xətlə yazılmışlar. İnsaf əhli məcmuəmizin 4-cü nömrəsinin beşinci səhifəsini yadına salıb bu sözləri təsdiq edər. Vaqeən İrandan gələn yazılar xəttin gözəlliyi barəsində misilsizdirlər. Mən güman edirəm ki, bunlar hamısı əvvələn, hürufatımızın gözəlliyindən və saniyən İranın hamamlarının sularının təsirindəndir. Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasıdır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblü mənə dedi: – A Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var? Dedim: – Balam, heç biri də yoxdur. Aşnam abunə kitabını qabağıma itələyib, dəxi artıq təəccüblə dedi: – Bə du “oflar” və “iskilər” məgər müsəlman adlarıdırlar? Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim: – Əzizim, heç ürəyini sıxma, bunlar hamısı ötüşər… Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 may 1906, №5 * * * Məktub Həştərxan müftisinin idarəmizə göndərdiyi məktubu: Müdiri-möhtərəm! Mənim bu bir neçə sözümü təvəqqə edirəm o mübarək məcmuənizdə yazasınız. Necə ki, sizə də məlumdu, bir neçə həftə bundan əqdəm müsəlman cəridələrinin bəzisi mənim barəmdə bir belə böhtan yazmışdılar ki, guya mənim peşəm rüşvət alıb xalqın kəbinli övrətlərinin dübarə kəbinin bir özgəsinə kəsməkdir. Mən öz vaxtında bu xüsusda həmin cəridələrə cavab göndərdim, lakin nainsaflıq edib, mənim cavabımı ruznamələrin heç birisi yazmaq istəmədi. Əvvələn, ruznamələrin yazmağından belə başa düşmək olar ki, həqiqət mənim işim və peşəm xalqın kəbinli övrətlərini bir özgəsinə verməkdir və halonki, mən ömrümdə kəsdiyim kəbinlərin yarıdan çoxu müvafiqi-şəriət və halal kəbindirlər; demirəm bəlkə ayda, həftədə ruzigarın qəzavü-qədəri məni məcbur edib vaqiən kəbinli övrətlərin kəbinlərini dübarə bir özgəsinə kəsməyə. Mən özüm iqrar edirəm ki, bu cür işlər bir az yaxşı iş deyil; amma vallah çarəm kəsilib: o məvacib ki, dövləti-əliyyeyi-Rusiyyə tərəfindən mənə verilir, mənə kifayət vermir. Çünki külfət çox, vilayət bahalıq. Heç bilirsən Həştərxanda xalis inək yağının girvənkəsi neçəyədi? Deyəcəyəm, amma inanmayacaqsan; girvənkəsi üç abbası. Hərçənd mən yağa pul vermirəm, amma yağ olmasın, qeyri bir şey olsun. Qərəz, sözüm orada deyil. Sözüm orasındadır ki, bu işləri eləyən məgər tək bircə mənəm? Nə səbəbə ruznamələrin gözü bircə məndə açıldı? Pəs beş-altı il bundan irəli Naxçıvan qazısı tivazlı Kərbəlayı Nəcəfqulunun kəbinli övrəti Səkinənin kəbinini on yeddi girvənkə qəndə türkaşlı Məşədi Abbasquluya kəsən vaxt nə üçün “İrşad” yainki “Həyat” o vaxt bir söz danışmadılar? Duram əgər bu cür qazıların əməllərini yazmağa, onda sən görərsən ki, mən tək deyiləm. Məndən də savayı çox müqəddəslər var. Və saniyən kəsbi-ruzi hər bir insana lazımdır. Bu beş günlük dünyada hər bir kəs səy və talaş edir ki, çoxluca pul qazanıb, əmri-məişətini xoşluqla keçirtsin. Dəxi nə səbəbə ürəyimi sıxım? Çera dərdi-vətən xordən, nə xordən nano həlvara, Çera dər qeydi-millət mordəno həştən müsəmmara. Həpəndəm gər dəhəm əz dəsti-xod səbzəqovurmara, Əgər on torki-Şirazi bedəst arəd dele-mara, Be xali hinduvəş bəxşəm Səmərqəndo Buxarara. Həştərxan vilayətinin müftisi filanü filan (xahiş edirəm adımı örtülü saxlayasınız). İdarədən cavab Ali-intisab şəriətmədar müftiyi-vilayəti-Həştərxanın həmin məktubunu oxuyan vaxt yunan filosofu məşhur Sokratın bir neçə sözü yadıma gəldi. Sokrat deyir: “Hərdənbir qəlbimdən bir səs gəlir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs huşguşla haman səsə qulaq verib, dediyini eşitsə, çox işlər bilib və çox mətləblərdən agah olar”. Budur sənə cavab, ey alicah, müqəddəs və möhtərəm müfti ki, Sokrat deyir! Budur sənə cavab, axunda ki, Molla Nəsrəddin sənə söyləyir: Axunda, milləti etmə həvayi, Bizə lazım deyil bangi-dərai, Bemanəd salha in nəzm tərtib, Zima hər zərrə xam ofdəd bəcai, Amandır saz qılma kərənayi, Keçib şəhbazdən başla qərayi. Qərəz nəqşist ki əz ma baz manəd Ki həstira nəmibinəm bəqai. Biz olduq mollaların xaki-payi, Fisincani yeyib, içsünlə çayi. Məgər sahibdili-ruzi-berəhmət Konəd dər həqqi dərvişan duayi? Çıxıb məclisdə tozih etmə təqvim, Bizə lazımdır indi dərsi-təlim. Murade ma nəsihət bud kərdim, Həvalət ba xoda kərdimo rəftim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1906, №6 * * * Dövlət dumasına vəkil seçgisi A kişi, dünyada nə çox bikar adamlar var imiş. Bir neçə gün bundan irəli mənə, şəhər idarəsi tərəfindən üzv seçmək üçün dəvətnamə göndərilmişdi. Dünən axşam evdə oturub çay içirdim, zəng çalındı, nökər ərz etdi ki, bir cavan oğlan məni görmək istəyir; bəli, gəldi. Hə, nə qulluq? Əlin uzadıb qoltuq cibindən bir tikə qırmızı mürəkkəb ilə yazılmış vərəqə qoydu qabağıma ki, seçki günü haman vərəqəni aparıb salım qutuya. Dedim baş üstə, bu bir asan işdi. Kağızı heç açmadım. Eləcə bükülü qoydum cibimə. Cavan xudahafiz deyib getdi. Bir az keçdi, genə zəng vuruldu. Bu dəfə genə bir cavan oğlan, genə haman əhvalat. Bir az keçdi, genə zəng vuruldu. Amma bu dəfə gələn bir barışna idi. Genə haman vərəqə. Müxtəsər, nökərə dedim ki, dəxi qapını açmasın. Bu gün çıxdım küçəyə. Dəxi adama yol vermirlər keçməyə, qızlar, oğlanlar, əllərində dəstə-dəstə kağız gələnə verirlər, keçənə verirlər. On beş yaşında bir qız genə əlində kağız qabağımı kəsdi. Kağızı aldım qoydum cibimə, amma qıza dedim: qızım, sən hara, bu işlər hara? Sən indi ərə getsəydin, üç-dörd uşağın var idi, bu nə məşqdi ki, sən düşübsən? Qız bir az güldü, amma genə təvəqqə elədi ki, mənə verdiyi kağızı salım qutuya. Dedim, baş üstə, bunun mənə bir xeyri, ya zərəri yoxdur. Elə qız təzə rədd olmuşdu, on beş – on altı yaşında göyçək bir uşkol uşağı qabağıma çıxdı. Genə haman işlər. Dedim, oğul get aşıq oynamağına, ona-buna kağız paylamaqdan əlinə nə düşəcək? Heç olmasa, müsəlman bazarına getsən kərbəlayı və məşədilər ciblərini noxud -kişmiş ilə doldurarlar, yoxsa bu işlərdən nə çıxacaq? Oğlan bir söz demədi. Vallah heç qana bilmirəm ki, bunlar nə işin sahibidirlər. Bir – iki adamdan soruşdum, cavab verdilər ki, bunlar “sosiyal” dılar. Bir özgələri də deyirlər ki, bunlar həmi “sosiyal”dılar, həmi “dəmərqənd”dirlər. Vallah qana bilmirəm. Lağlağı “Molla Nəsrəddin” 12 may 1906, №6 * * * Bakılılara Ay bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm. İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular. Dəmdəməki aradan çıxan kimi Bakının russko-tatarski uşkolasının pasledni klasının uçenikləri gəldilər meydana və öz müəllimlərindən o qədər iftira düzəltdilər ki, mən indi də xəcalət çəkirəm. Boynuma alıram ki, böyük səhv etmişəm və bunu da ərz edirəm ki, mənim bu səhvimə məhz şagirdlərin məktubunun xəttinin və imla-inşasının gözəlliyi bais oldu. Və illa birdən-birə, əhvalatı təhqiq etməmiş məktubu dərc etməz idim. Həqiqət, çox vaxt insan bir şeyin zahirinə çox tez aldanır. Bəndə də həmçinin. Dəxi nə bilim ki, həmin gözəl məktubun batini kizb və böhtanla doludur. Sözün vazehi: haman mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. Əvvələn, kiçik hara, böyükdən şikayət etmək hara? Sizə nə borcdur ki, “uşteller çetıre çasaya kimi ispat eləmirlər?”. Onlar oxumuş adamlardır, intiligentdirlər. Obrazovannı adamın gecə saat dörddən irəli yatmağı harada görsənib? Və siz nə bilirsiniz ki, saat dördə kimi müəllimləriniz nəyə məşğul olurlar? Bəlkə elə həqiqət əhya saxlayırlar? Bəlkə gecələr şura bərpa edib millət dərdi çəkirlər? Madam ki, bunları siz bilmirsiniz, giley eləməyə nə haqqınız var? Bəli, əgər həqiqətdə bizim oxumuşlarımız gecələr klublarda ləhvü ləəblə vaxtlarını keçirib saat dördə kimi yatmayalar və gündüz saat ona durub “krasni yabloko kimi şişmiş gözlərini ova-ova uşkolun qapılarını atvarit edələr”, o vaxt giley etməyə bəlkə bir az haqqınız ola. Amma bilirəm ki, yalan deyirsiniz… Bəli, bunlar hamısı keçən sözdü. İndi də bir ayrı bambılılar ortalığa atılıblar: indi də prikaşşiklər istəyirlər Molla Nəsrəddinə dadansınlar. A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kantora gəlib axşam saat onda azad olursunuz? Dəxi mən nə edim ki, sizin müsəlman xozeyinləriniz cümə günləri də sizi qatırlar kontora, qapıları bağlayır və lampa işığına sizi işlədib, Allah yaradan günə sizi həsrət qoyurlar? Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahatlığınız əbədən yoxdur. Vallah məəttəl qalmışam, bilmirəm yazım, ya yox; yazmasam siz inciyəcəksiz, yazsam da “pervi ruski-tatarski uşkolanın pasledni klasının uçenikləri” kimi sizin də yoldaşlarınız başlayacaqlar “Həyat” və “İrşad”ın sütunlarında sübuta yetirməyə ki, Molla əmi səhv edib; bizim xozeyinlər cavanmərd, insandust, rəhmli, kəramətli, bizim halımıza yanan və bizləri öz övladı kimi səmim-qəlbdən istəyən və Vittedən və Durnovodan artıq hürriyyət tərəfdarlarıdırlar. Vallah, məəttəl qalmışam: bilmirəm yazım ya yox. Yenə yazmamaq məsləhətdir. Molla Nəsrəddin “Molla Nəsrəddin” 19 may 1906, №7 * * * Niyə mən dərsdən qaçdım Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır. Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil. Məlumdur ki, dərsdən qaçmağa neçə-neçə səbəblər olur. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəf-bu tərəfə kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. Amma dərsə gedən kimi, biçarənin Şəki alması kimi qırmızı yanaqları başlayır solmağa. Uşağın atası gedib Hacı Kərim həkimə əhvalatı deyir və həkim uşağın üzünə baxan kimi ona bir dua yazır və uşağın atasına deyir ki: – Oğlunun heç özgə naxoşluğu yoxdur. Məhz falaqqadan qorxub. Və uşaq bu sözləri eşidəndən sonra, dəxi dərsdən qaçır. Ya bu cür olur: uşaq gedir məktəbə və həmişə müəllimindən artıq hörmət, iltifat və mehribançılıq görür; məsələn, müəllim həmişə onu öz yanında oturdur, bazardan kişmiş-noxud alıb doldurur ciblərinə, dərsini bilməyəndə ayaqlarını falaqqaya qoymur, çətin dərs vermir və hər vaxt ki, uşaq dərsini bilmədi, müəllim yapışır onun çənəsindən və deyir: mən ölüm, bacıoğlu, mənim ürəyimi sıxma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm. Amma sonra haman uşaq çiçək çıxardır. Dəxi bilmək olmur ki, bu nə sirrdir. Müəllim dəxi binəvanı bilmərrə gözdən salıb üzünə də baxmaq istəmir və bunun əvəzinə bir özgə gözəl uşağı yanında oturdub dəxi kişmiş-noxud təzə rəfiqinin ciblərinə doldurur. Yazıq həsrətlə rəqibinin üzünə bir qədər baxıb, götürür kitabını və üz qoyur məktəbdən getməyə və başmaqlarını geyən vaxt sağ əlinin şəhadət barmağını burnunun üstə döyə-döyə mollasına deyir: – Hey, sən indi kişmiş-noxudu verirsən Cəfərə, mən də sənin acığına ta bundan sonra nə məktəbə gələrəm və nə də sənə halva gətirərəm. Çox vaxt belə də olur: uşaq dərsə gedən kimi həmin uşağın evində bir bədbəxtlik üz verir; ələlxüsus ki, o məktəbdə rus dərsi də oxuna. Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. Uşağın atası gedib əhvalatı Danabaş kəndinin mollası Axund Hacı Molla Namazəliyə deyir. Axund cavab verir ki, onlar hamısı bir bəladır ki, şəxs etdiyi günah əməlin əvəzində Allah-Təala ona göndərir. Kişi and içir ki, uşağını rus dərsinə qoymaqdan savayı bir özgə günah işə mürtəkib olmayıb. Axund barmağını dişləyib deyir: – Di belə de, rəhmətliyin oğlu! Ta məni niyə dağ-daşa salırsan? Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib, başlayır söyməyə: – Ay köpəyin qızı, sən nə səbəbə bu uşağı doğdun ki, gedəyi rus dərsi oxumağa və qoyunlarımızın ölməyinə bais olaydı! Dəxi işləri bu halətdə görəndən sonra uşaq dərsdən qaçır. Amma mənim dərsdən qaçmağım söylədiyim əhvalatların heç birinə oxşamır. Bu dəfə ta çox qəmişliyə getdik. İnşallah gələn həftə bu xüsusda sizə başağrısı verib əhvalatı təfsilən nağıl elərəm. * * * On üç yaşa çatan kimi mən küçələrdə xoruz döyüşdürürdüm. Ax, keçən günlər!.. Bir gün gəldim rəhmətlik dadaşıma dedim: – Dadaş, məni qoy dərsə. Rəhmətlik məni çox istərdi: çünki məndən savayı bir özgə övladı yox idi. Məhz məni istəmək səbəbinə ki, sözüm yerə düşməsin və ürəyim sıxılmasına, rəhmətlik dadaşım razı oldu: amma bu şərtlə ki, əvvəl gedib qonşumuz Molla İsmayıla istixarə etdirsin. Molla İsmayıl da vəfat edib; Allah ona minlərcə rəhmət eləsin. Rəhmətlik həm molla idi və həm də şair idi. Hər nə qədər ki, şeir demişdi, yazıb bir dəftərçə qayırmışdı və istixarə edən vaxt götürərdi həmin dəftərçəsini, gözlərini yumardı, ağzını açardı göyə səmt və dodaqlarını tərpədə-tərpədə dəftərçənin bir yerindən açıb oxurdu. Rəhmətlik dadaşım mənim dərsə getməyimə istixarə etdirən vaxt rəhmətlik Molla İsmayıl kitabçanı söylədiyim qayda ilə açıb dadaşıma həmin bu şeirlərini oxuyub… Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad! Təyin elə cindarı ki, etsin ona imdad, Ta dəyməyə həmzad… Sağdan sola, soldan sağa sal boynuna heykəl, Qoy cinni məəttəl, Min günə tilismatə tutub eylə müqəffəl, Gəzdir onu əl-əl, Gər dəysə soyuq, sancılanıb olsa da bimar, Hökm et, gələ cindar. Göstərmə təbibə o cigərguşəni zinhar, Qoyma ola murdar. Ağlarsa uşaq, dərdinin axtarma davasın, Ancaq söy anasın. Qorxuzsun o da damdabaca ilə çağasın, Kəssin də sədasın. Örgət ona, əlbəttə, özün bir neçə mövhum, Məhdud ola məsum. Bu sayədə ömr eyləyə dünyada o məzlum, Hər haləti məzmum. Tək-tək dil açanda ona təlim elə hədyan, Həm olma peşiman. Bildir ona min dürlü qəbahətləri hər an, Alsın ələ ünvan. On yaşə yetincə uşağın eyləmə qəflət, Qandır neçə bidət. Ta on beşə yetdikcə tapa işdə məharət, Həm eyləyə adət. Göndərmə onu məktəbə, dəng eyləmə başın, Tökmə üzə yaşın. Hər fənd və bijliklə edər kəsb məaşın, Saxlar özü başın. Rahət nəyə lazım edə dünyada məişət, Quldurçuluq öyrət. Ta inki, qumar oynaya, qətl eyləyə, qarət, Xoşdur belə sənət. Dünyanı soyub eyləyə hər gün səni xürsənd, Sağ ol belə fərzənd! Evdə tapılır indi dəxi çay, pilov, qənd, Kimdir sənə manənd? Nagah alınıb həbsə, tutarsa səni vəhşət, Ver hakimə rüşvət. Sat var-yoxunu advoqata ver neçə xələt, Puç ol hələ-həlbət. Axırda olub həsrəti-didari-cəmali, Qal kisəsi xali. Qaldıqda oğulsuz dəxi tez başla süalı, Al vizrü vəbalı. Tap rizqi-həlalı, Ay başı bəlalı, Yığ dəymişi-kalı, Olmaz oxumaqdan Tapmaq bu cəlalı! Qərəz, bir neçə vaxt başladım məktəbə getməyə. İnsafən, artıq səyim var idi oxumağa. Belə ki, hər gün məktəbdən evə qayıdıb, tökərdim kitabları qabağıma və başlardım sabahkı dərsimi hazırlamağı. Axır dadaşım mənim oxumağımdan təngə gəlib, mənə bir-iki dəfə dedi: – Ay balam, özünü bərkə salma. Nə olacaq sənə bu oxumaqdan? Mən dadaşımın sözünə qulaq verməyib, öz işimə məşğul idim. Bir gün evdə həmişəki kimi dərsimə baxmaqda idim. Gördüm ki, dadaşım gedib, anama bu sözləri deyir: Bilməm nə görübdür bizim oğlan oxumaqdan?! Dəng oldu qulağım. Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan İncədi uşağım. Ağlın aparıb bəs ki, baxır gündə qərayə, Yarəb, nə həmaqət! Söz etməz əsər, çarə qalıb indi duayə. Tədbir elə, övrət! Lənət sənə, ifritə, sənindir bu cəhalət, Etdin nə xəyanət! Səndən törənibdir bizim evdə belə bidət, Ey mayeyi-hiylət! Tutsun çörəyim gözlərinin ağü qarasın, Ey həmsəri-bədxah! Haşa, oda yaxmaz ana istəkli balasın, Kəssin səni Allah! Bu tifli oxutmaqlığa etdin məni tərğib, Həp eylədin iğva. İndi nədi fikrin? İşimiz oldu bu tərkib, Yox çarəsi əsla. Heyhat ki, tədbir ola bu xanəxərabə, Zail olub əqli. Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə Mail olub əqli. Yıxdın evimi, eylədin övladımı zaye, İş keçdi məhəldən. Mən anlamaram elm nədir, ya ki sənaye, Zarəm bu əməldən! İstərdim o da mən kimi bir hörmətə çatsın, Dünyadə dolansın; Ta qol gücünə malik olub şöhrətə çatsın, Azadə dolansın; Bir vəqtdir indi ki, olub Rüstəmi-dövran, Bir ad qazanaydı; Qarətlər edib ta ki, tapaydı sərü saman, Bir şey də qanaydı. Puç eylədin, övrət, bu gözəl, sadə cavanı! Dilbilməz oğul, vay! Rəngi saralıb, qalmayıb əsla yarı canı, Bir gülməz oğul vay! Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən, Ey kaş, usanaydın! Quldurluğa yox, elmə tərəf eşqə düşübsən, Bu qübhü qanaydın! Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə, Saleh vələd ol, gəl! At min, hünər öyrəş, məni də bəxtəvər eylə, İşdə bələd ol, gəl! Bəsdir oxudun, az qala canın tələf oldu, Bu kardan əl çək! Yazmaq, oxumaq, başına əngəl-kələf oldu, Əşardan əl çək! Min elm oxuyub söz biləsən, hörmətin olmaz Bu dari-cahanda; Söz bəhrinə gövhər olasan qiymətin olmaz Xassə bu zamanda; Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz, Canın bəcəhənnəm! Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz! Mırtılda dəmadəm, Qıl elm fərahəm, Ol qüssəyə həmdəm; Ömrün olacaq kəm; Düşmən sənə aləm… “Molla Nəsrəddin”, 19 və 26 may, 16 iyun, 1906, №7, 8, 11 * * * Çox qəribə Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm! Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur. Naxçıvanda naçalnik Enkel müsəlmanların qarnını yumruğu ilə dəlik-dəlik eləyib. Binəva müsəlmanlar gedib mollalara dərdlərini söyləyən vaxt mollalar cavab verirlər ki, naçalnikdə heç günah yoxdur, Allah Molla Nəsrəddinə lənət eləsin! Yaxşı, burada mənim günahım nədir? Zəyəm pristavı Oğarişşev, Seyid Hənifəni heç bir təqsiri olmadığı yerdə tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır. Naçalnik Raut Qazaxda müsəlmanların börklərini başından götürüb, tikan kollarını çırpır yazıq müsəlmanların mərmər kimi qırxılmış başlarına və bunun əvəzində Gəncədə ruhani ağalarımızın birisi hər gün sübh tezdən birinci hissə pristavının didinə gedir. Amma məni küçədə görən vaxt salamımı da almır. İrəvan qubernatoru müsəlman adı çəkiləndə ficətən azarlayır və qazılarımızla görüşən vaxt əl-ələ vermir ki, onlar evə gedəndən sonra zəhmət çəkib əllərini yumasınlar. Amma cənab mollalar qubernatorun acığını çıxartmaqdan ötrü camaata deyirlər ki, oxumayınız o mürtədin məcmuəsini! Bakıdan naməlum bir şəxs (amma burasını bilirəm ki, ya xandır, ya İran mollası) götürüb mənə föhş yazır və sübuta yetirir ki, dünyada şöhrətli və əzəmətli şəhərlərin əvvəlincisi Təbrizdir, çayların əvvəlincisi Araz çayıdır və kəndlərin əvvəlincisi Danabaş kəndidir və bunu da yazır ki, İran hökumətinin az-çox tənəzzüldə olmağına bais məhz Molla Nəsrəddindir. Tiflisdə … görüm nə istəyirdim deyim … yadımdan çıxdı… Qərəz!.. [Bu] sözləri yazan vaxt hatifdən belə bir səda gəldi: – Dərd eləmə, ay Molla Nəsrəddin, bunlar hamısı migüzərəd. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 may 1906, №8 * * * Hansı elmlər lazım? Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb. Dedim: – Oxu görək nə yazıb? – Və Lağlağı başladı: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmalə yetiribdirlər; amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasiyyəvü ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər. Hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”. Dedim: – Əzizim, Lağlağı, bu sözlər çox gözəl sözlərdir; amma səbr elə görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır. Mən başladım haman vərəqi oxumağa: – “Dər on məclis söhbət əz gəndüm bemiyan aməd (İbrahim bəy nağıl edir). Şəxsi güft ki, flan alim sisəd həzar xərvar gəndüm ənbar kərdəəst. Hala bilmərrə inkar mikünəd. Flan alim dəh parça qəryeyi şeşdank darəd. Maşallah flan alim xeyli sərvət bəstə, imruz qərib be həştad parça dəhkədə darəd. Əz in söhbəthayi biməni diləm təngi girift, hər çe xastəm səbr konəm, mümkün nəşüd. Axir güftəm: in cənabi ağayan çekarəənd? Güftənd: əz əcilleyi üləmayi Təbrizənd. Güftəm: onra dəryaftəm ki, əz təbəqeyi cəlileyi ürəmayənd: əmma ərzi mən dər incast ki çe var mikünənd və şüğli işan çist? Güftəm: in həştad parçə dehkədə əlbəttə hər yeki əqəllən panzdəh-bist hezar tuman qiymət xahəd daşt. Güftənd: Əlbəttə, Güftəm: bemüxtəsər hesabi ki mən ələttəxmin gərdəm se kürur çizi biştər qiyməti inhast. Nəmidanəm təhsilinin həmə sərvət əz çe məmərrəst? Xanəvadeyi cənabi ağayanra həmə midanənd. Xudşanra həm ki, pəs əz fərağət əz təhsili elm və icazə, vəqti ki, bədin şəhr təşrif avürdənd, həmə midanid ki ziyadə bər yek əbavü əsayi çizi nədaştənd. Lihaza hiç şübhə nist ki in sərvətra bəhər növ ki həst, əz millət ənduxtəənd”. Burada Lağlağı sözümü kəsib dedi: – Mən ölüm, Molla Nəsrəddin, hələ onu sonra oxursan, sənin İbrahim bəyin boş danışır. Qulaq as gör Əbutürab əfəndim nə gözəl sözlər deyir. Dedim oxu və Lağlağı başladı: – “Əgər insan dəyanəti-islamiyyəyə alim və arif ola və üluma cahil, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir”. Dedim: – Lağlağı, qulaq ver gör İbrahim bəy nə deyir: “Hala insaf fərmaid, in ağayi möhtərəm ki in həmə əmlakra dər zərfi əndək müddəti əz milləti biçarə bəvasiteyi qarət ənduxtəənd çe mişəvəd ki rübi mədaxili yeksaleyi onra baz dər rahi həmin millət sərf nümayənd, yəni məktəbi əz on vəch bərai təlim və tərbiyəti ətfali yetim və füqərayi in milləti bəxti qarə təsis konənd, yainki bimarxaneyi bərai qürəbavü füqərayi millət binagüzarənd ta mərizani biçiz də sayeyi himməti on müdava və müalicə şüdə əz ədəmi müalicə və bipərəstari dər nihayəti məzəllət və xari dər ziri divarha can nədəhənd”. Lağlağı yenə sözümü kəsdi və qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və özü başladı oxumağa: – Əbutürab əfəndim buyurur: “Əgər bir şəxs tamam ömrünü ülumi-riyazi və hikməti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotelis məqamını dərk elə, əlbəttə təriqi-übudiyyətə, həqqi-təalayə alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil olmayacaq, məgər-inki qanuni-siyasiyyeyi-ilahiyyə təhtinə daxil olub o qanuna müvafiq əməl edə”. Dedim: – Dostum, Lağlağı, indi növbət mənimdir və başladım “İbrahim bəy”i oxumağı: “Aya şəraiti-təriqi-übudiyyət, insaniyyət və mədəniyyət inəst ki dər in şəhri büzürg ki darüssəltənəəş minamid, qürəbavü füqərayi millət dər əvəzi nan xak mixürənd; və halonki, həzərati üləmayi şüma gəndümra bəənbarhayi tarik rixtə, bəruyəş həft qefl zədə, kilidi onhara bərudxaneyi Aras əndaxtəənd və bəfüqəra müguyənd: “Qiyməti hər yek mən on çehil misqal xuni cigərəst, ba pül nəmidəhim”. Füqəra hər çe dad mizənənd ki ağayan, xun dər dilü cigəri ma nəmandə, in cism ki, mibinid, əz bərəkəti şüma xali və xüşk əz ruh və xunəst, becayi nəmirəsəd”. Lağlağı istədi sözümü kəsə, dedim: – Yavaş, bu saat qurtarıram. Səhifənin altında yazılmışdı: Mürdəənd vəli zində, Zindəənd vəli mürdə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 may 1906, №8 * * * Təzə təlim kitabı Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük. Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola. Yazdığımız kitab ibarətdir hesab məsələlərindən ki, ruslar “zadaça” deyirlər. Kitabın əvvəlinci hissəsi (Mübtədilərdən ötrü) Bir külfətdə dörd nəfər uşaq var və hər bir uşağın ayrıca anası. Ev sahibinin neçə arvadı var? Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq həmin kitabı qurtara bilər? Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər müzd gərək verilə? Yeri buynuzları üstə saxlayan öküzün bir buynuzu Şamaxı zəlzələsində dibindən qırıldı. İndi həmin öküzün neçə büynüzü qalır? Uşaq on dörd yaşına çatana kimi, gündə ona iki girvənkə xurma verirlər. Dörd ilin müddətində həmin uşaq nə qədər xurma yeyər? Rusiyada camaat vəkilləri iki aydır çalışıb bir iş görə bilmirlər. Bu hesabla on iki il çalışsalar, nə qədər iş görə bilərlər? Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa nə qədər çubuq gərək hazır edə? Təbriz bazarında satılan çörəyin bir hissəsi un və üç hissəsi torpaqdır. Bu hesabla Azərbaycan vilayətinin çölləri və dağları neçə ilin müddətində fövt ola bilər? Ayda Qafqazda bir milyon müsəlman və erməni bizə ömrünü bağışlayır. Bu hesabla beş ildən sonra Qafqazda neçə müsəlman və erməni qalar? Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci. Əkinçinin özünə nə qədər buğda qaldı? Bir kişi evinə üç dənə alma gətirdi, birini verdi oğluna, birini qızına və birini də özü yedi. Arvada neçə alma yetişdi? Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu ildə bir dəyişilir. İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib? Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar. İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar? İrəvan qubernatoru on dörd ildir ki, bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir. Bu müddətdə qubernator neçə müsəlman çıxardıb? Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq? Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə “şu” və yeddi dəfə “iştə” kəlməsi işlədirlər. Bu hesabla mətbəələrdə gündə neçə dənə “ş” hərfi tərtib olunur? Tiflisdə “Svyataya Nina” adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar. Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar? Şəhərlərdə “Molla Nəsrəddin” məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər. Bu hesabla otuz iki vəkilə indiyə kimi nə qədər marka verilib? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 iyun və 23 iyun 1906, №10 və 12 * * * Müsəlman məclisi (Keçmiş günlərdən) Keçən ilin payız fəsli idi. Mən də o məclisdə var idim. Şəhərimizin bir neçə ağsaqqalları, oxumuşları, tacirləri yığışmışdılar ki, öz aralarında məsləhət edib bir “klub” binası qoysunlar. Həmin məclisdə bir neçə axund da var idi. Məclis əhli tamam cəm olandan sonra cənab Cəfər bəy (dörd il bundan irəli Moskva darülfünunun ədliyyə şöbəsində təhsil edib), ayağa durub rus dilində “klub”un nədən ibarət olmağını bəyan etməyə. Cəfər bəy sözünü qurtarıb oturdu. Amma heç kəsdən səs çıxmadı. Mən duydum ki, Cəfər bəyin sözlərini bir-iki yoldaşlarından savayı başa düşən olmadı. Mənim zənnim doğru imiş, çünki mollaların birisi üzünü Cəfər bəyə çevirib dedi: Bəy, nitqiniz bəndəyə məvhum olmadı. Cəfər bəy mollaya bir cavab vermədi, çünki mollanın dediyini qanmadı. Cəfər bəy gözlərini dirədi mollanın üzünə, molla da Cəfər bəyin üzünə. Axırda tacirlərin biri Cəfər bəyə dedi ki, ay bəy, sənin sözlərinə biz necə ki, lazımdı mültəfiq olmadıq. Çünki biz rusca o qədər bilmirik, əgər mümkündü, zəhmət olmasa, müsəlmanca de. Cəfər bəy durdu ayağa və çeşməyini düzəldib dedi: “Qaspada, pajalusta, mən bir az kak sleduet, müsəlmanca dildə abyasnitsya ola bilmərəm, proşu izveneniya” (yəni müsəlmanca necə ki, lazımdı danışa bilmərəm, məni bağışlayınız). Oturanların çoxusu dedi: “heç eybi yoxdu, bəy, heç zəhmət çəkmə”. Sonra Həsənağa ayağa durdu və bu cür danışdı: – Biz, müsəlmanlar lap bədbəxt olmuşuq: hər bir millət özü üçün bir klub açıb axşamnan – axşama yığışır ora və hər kəs hər nə kefi istəyir eləyir, biri görürsən qəzet oxuyur, biri tansavat eləyir, biri qumar oynayır, biri yeyir, biri içir. Qərəz dost dostu ilə, aşna aşnası ilə görüşür və xoşluq ilə vaxtını keçirir. Amma biz biçarələr otururuq evdə və bir yer tapa bilmirik ki, orada ürəyimiz istədiyi kimi günümüzü keçirək. Həsənağaya mollaların biri belə cavab verdi: çox əcəb, bavücudihəmə in gərək bunu nəzərdə tutasınız ki, “klub” dediyiniz yerdə gərək şərab istemal olunmasın və illa bizim üçün oraya gəlmək bir az müstəhsən olmaz. Molladan sonra bəylərin birisi tez ayağa durub bir qədər hirsli haman mollaya cavabən dedi: necə, necə, nə olmasın? Tacirlərdən biri dedi ki, “klub”da çaxır gərək içilməsin. Bu sözü eşitcək bəylərdən bir neçəsi qeyzə gəlib və ayağa durub başladılar uca səslə deməyə: necə olmasın? Nə danışırsınız? Kak mojno, çaxırsız klub harda görüküb? Hər kəs gəlir gəlsin, gəlmir gəlməsin. Kak mojno, kto xoçet pust ne piyot. Heç kəsə zornan deyən yoxdu ki, çaxır iç. (hələ qurtarmayıb) Hop-hop “Molla Nəsrəddin”, 16 iyun, 1906, №11 * * * Nəsihət Camaat vəkillərinə Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin. Gedirsiniz, gediniz, amma mollanın xeyir-duasını yadınızdan çıxartmayasız, ey millətimizin seçilmişləri! Gediniz, Allah sizə yaxşı yol versin. Gediniz, amma bunu hər dəqiqə yadınızda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, oları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək. O təkliflər çox ağırdırlar. Üstünüzə götürdüyünüz əhd və xidmət dünyada etdiyiniz savab əməllərin ən əfzəlidir və bu səbəbdən xoşbəxt bəndələrin xoşbəxtisiniz. Gediniz, Allah sizə yaxşı yol versin! Gediniz, amma bu bir neçə nəsihətimi fəramuş etməyiniz. Gedirsiniz Rusiyanın paytaxtı olan Fitilbörkə və orda sizin kimi bəyənilmiş adamlarla dizbədiz oturub, aylarla bəlkə illərlə güftügu edəcəksiniz. Amma, aman günüdür, nə edirsiniz ediniz, bircə bunu yadınızdan çıxartmayınız: həmişə ədəbli olunuz. Ədəbli, ədəbli, ədəbli!.. Aman günüdür, biz müsəlman millətini yetmiş iki millətin vəkillərinin içində biabır etməyiniz. Elə rəftar eləməyiniz ki, desinlər: Bu müsəlmanlar biədəb, bihəya və sırtıq millətdir. Aman gündür, mənim bu nəsihətimi nəzərdə saxlayınız. Bunun da çarəsi heç dinməməkdədir. Əgər xamuş olmağa aylarla, illərlə dözə bilsəniz, dözünüz və illa əgər səbrü qərarınız kəsildi və bir danışmaq istəsəniz, heç olmasa millətimizin xoş səadəti və tərəqqisi adına bu bir neçə tələbləri hökumətdən eləyiniz: Əvvələn: tələb ediniz ki, İran məmləkəti ilə Qafqaz müsəlmanlarının arasında sərhəd götürülsün, belə ki, o tərəfdən bu tərəfə keçmək, şey gətirmək, adam gətirmək bimane olsun. Əgər işdir, həmin tələbin mənasını və səbəbini sizdən soruşsalar, deyiniz ki, sizə dəxli yoxdu. Bu mətləb İran məmləkəti ilə öz aramızda məxfi və məhrəmani işdir, özümüz bilərik. İkinci: tələb ediniz ki, Rusiya hökumətinin yolunda canü dillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanları Saxalin cəzirəsinə göndərsinlər. Üçüncü: (qalanını da sonra deyərik). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 iyun1906, №11 * * * Molla Nəsrəddinin hesab məsələləri Mübtədilərdən ötrü Nömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci… – Əkinçinin özünə nə qədər buğda qaldı? Nömrə 11. -Bir kişi evinə üç dənə alma gətirdi: birini verdi oğluna, birini qızına və birini də özü yedi. – Arvada neçə alma yetişdi? Nömrə 12. – Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir. – İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib? Nömrə 13. – Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar. – İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar? Nömrə 14. – İrəvan qubernatoru on dörd il ki bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir. – Bu müddətdə qubernator neçə müsəlman çıxardıb? Nömrə 15.- Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. – Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq? -Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə “şu” və yeddi dəfə isə “iştə” kəlməsi işlədirlər. – Bu hesabla mətbəələrdə gündə neçə dənə “Ş” hərfi tərtib olunur? – Tiflisdə “Svyataya Nina” adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar. – Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar? – Şəhərlərdə “Molla Nəsrəddin” məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər. – Bu hesabla otuz iki vəkilə indiki kiminə qədər marka verilib. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 iyun 1906, №12 * * * Əbdürrəhim əfəndi Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”. Molla Nəsrəddin öz tərəfindən: Bunlar hamısı keçəndən sonra bu sözlərə inanmaq mümkün deyil. Yaxşı, tutaq ki, biz inandıq. Aya, görək, Şamaxı camaatı da inanarmı bu sözlərə? Məgər hacı Əbdürrəhim əfəndi haman əfəndi deyilmi ki, bir gün minbərə çıxıb, camaata belə vəz edirdi (hətta mən özüm də orada var idim, günortadan üç saat keçmişdi, çərşənbə günü idi, yağış da istəyirdi yağsın); qərəz, hacı əfəndi minbərə çıxıb, başladı: – Ey uşaqlarını rus dərsinə qoyanlar! Açın qulaqlarınızı, eşidin. Sonra peşiman olarsınız, peşimançılıq da nəticə bağışlamaz. Eşidin mənim bu bir neçə sözümü, ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq axirətdə sizin məkanınız və cəhənnəmin yeddi təbəqəsi var: əvvəlinci – cəhənnəm, ikinci – səir, üçüncü – səqər, dördüncü – cəhim, beşinci – ləza, altıncı – hətəmə, yeddinci – haviyə. Cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur. Həmimi-gərm ibarətdir çirkdən, bu həmimi-gərm belə şeydir ki, ondan dünya əhlini sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhər var. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə qırx min əqrəbin qırx min zəhərli nişi var. Xülasə, cəhənnəmin tövsifini hacı Əbdürrəhim əfəndi yetmiş iki həftənin müddətində bəyan edib, hələ qurtarmayıb. Bu barədə gələcək nüsxələrimizdə söhbət etməyi vəd edirik. Ey axund, ey dirəxti-bihasil, Olma çox da təmallüqə mail. Lacərəm, mərdi-arifü kamil Nə nəhəd bər həyati-dünya dil. Ucadır, yoxdu söz ki, boyda çinar, Səndən islamə heç görülmədi bar, Ey töhi dəst rəftə dər bazar, Tərsəmət bər nəyəvari dəstar Ey axund, olma dörd işə talib: Cəhlü pulü təməllüqü calib. Gər yeki zin çəhar şüd ğalib, Cani-şirin bər ayəd əz qalib. Qoy riyanı yerə gəl, etgilən ar, Nə çıxar padşahdən sənə kar? Asiyan əz günah tövbə künənd, Arifan əz ibadət istiğfar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 iyun 1906, №13 * * * Axund ilə keşişin vəzi İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır. Bir gün atla həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuqcücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi. Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səslə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” – erməni dilində “vətən” deməkdir). Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam. Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub. Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanəliyev idi. Bu axundu mən çoxdan tanıyırdım; özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar. Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: – Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Rusiyanın qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər. Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: “Babi həftüm. Əgər bir şəxs yata, yuxusunda həcəmət görə həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”. Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi, ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar; bunilə belə erməni ölüm halında can verə-verə, yenə deyib: “vətən, vətən, millət, hayreniq!”. Ey mənim qardaşlarım, nə qədər ki, millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti! Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse, getse hayreniq!”. Molla Qurbanqulu kəndlilərə deyirdi: – Ağacın altında, suyun qırağına bövl etmək yaxşı deyil; çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz; çünki bu günlərdə əcinnə və divlər qəbiristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb, gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım. Bu sözləri eşidib atı sürdüm müsəlmanların yanına və üzümü Molla Qurbanquluya tutub dedim: Ey ardan ari bala, mərdanə utanma! Hər ləhzədə ol sakini-çayxanə, utanma! Çıxma eşiyə sel tuta gər dam ilə daşi, İç çayuvi, çək tiryəküvi, böyrüvü qaşi, Yanında oturmuşlar əgər olsa da naşi, Ver tüstüsünü onlara məstanə, utanma! Axşamadək ol guşeyi-həmmamda sakin, Dırnaqlarıva bağla həna, saqqala lakin İnsanı salar rövnəqə bu xeyrül-əmakin, Ondan sora çıx, saqqala vur şanə, utanma! Sübh olcaq dur otur isticə gündə, Paltarlaruvun bitlərini qır göz önündə, Ver özgəsinə olmasa gər fürsət özündə, Gey paltarını, seyr qıl hər yanə, utanma! Yüz zəhmət ilə qonşuların elmi tapanda, Sən alim olursan gedib asudə yatanda, Sən eyş qıl, onlar toza-torpağə batanda, Get yarü rəfiq ilə gülüstanə, utanma! Cümlə işi at bayıra, tap bir sulu qəlyan, Aksizni əgər qoymasa ol azimi-İran, İranda olur tənbaku, tiryak ilə ərzan, Ləng olma, götür rəxtivi İranə, utanma! Bir söz deməyə nökərüvü tutgilə məzun, Bir sözlə cənabnızı edim dəhrdə məmnun, Dərviş Ağabalanı tapıb alginən əfsun, Ondan sora hey vur sulu qəlyanə, utanma! Bir da elirəm mən sənə bir böylə vəsiyyət, İranda cəhd et özüvə tapgilə xidmət, Fövt eyləmə, bir fürsəti hər ləhzə qənimət, Ol sidq ilə zəvvar çilovxanə, utanma! Təng olsa əgər başuva ol büqeyi-Təbriz, Çünki ora bir şəhrdi pürdərdü qəməngiz. Get Xoyda səfalər çəkib ol eşq ilə ləbriz, Çıx qələ kənarında xiyabanə, utanma! Var yaxşı səyahətli çəmən qəleyi-Xoyda, Bir parə əcayib iş olur Xoyda hüveyda, Hər nə ürəyin istəsə dərhal olu peyda, Bir az qalıb ol adəmi-dərxanə, utanma! Söz müxtəsər, ol bir neçə il sakini-İran, Al bir ləğəbi-faxirə tut rütbeyi-əyan, Qardaş, olusan getməsən axırda peşiman, Yox faidə axır ki, peşimanə, utanma! Bir qədr qalıb himmət elə, cəm elə dövlət, Ondan sora qıl bir dəfə Kaşanə siyahət, Xab içrə gözün görməsə eyləllə təbabət, Bənd olma bu övzai-pərişanə, utanma! Ver huşuvu Molla Nəsrəddinə amandır, Bu fürsəti fövt eyləmək, əlbəttə, yamandır, Hər kəs bu nəsihətləri dərk eylədi xandır, Bir şəhrdə bax min iki yüz xanə, utanma! Lağlağı “Molla Nəsrəddin”, 7 iyul 1906, №14 * * * İran konsulları Yetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar, Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən? Şaki Məcmuəmizin nəşrini başlayandan indiyə kimi idarəmizə Bakıdan və İrəvandan yüz on altı kağız gəlib. Kağızların başında yazılıb: “İran konsulxanasından şikayət” və axırında imza qoyulub: “İran əhli”, yainki “İran fəhləsi”. Bu kağızların heç birini biz çap etməmişik, necə ki oxucularımıza məlumdur və çap etməyəcəyik. Çap etməməyimizin iki səbəbi var: Əvvəlinci səbəbi budur ki, biz istəmirik konsulları özümüzdən incidək. Nüfuz əhlinə sataşmağı və güclü adamlara dolaşmağı biz əvvəldən özümüzə rəva görməmişik. Məlumdur ki, konsul kimi mütəşəxxis və ehtiram sahiblərindən ehtiyat etmək, – hər halda lazımdır; doğrusu, qorxuruq! Məktubları çap etməməyimizin ikinci səbəbi budur ki, yüz on altı kağızın hamısına biz diqqətlə baxıb bir kəlmə doğru söz tapa bilmədik: başdan-axıra kimi yalan, palan, böhtan, nəqli-məkan, filan. Məsələn, Bakıdan Kərbəlayı Fərəc yazır ki, Verxni-Təzəpirski küçədə konsulxana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. Dedim: Vallah mən bir fəhlə adamam, pulum yoxdu. Fərraş acıqlanıb çaxırı səpdi üstümə və məni çəkə-çəkə apardı nayibin yanına. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. Ha çağırıb bağırdım ki, axır bu pulu məndən nə səbəbə alırsınız, cavab verdilər ki, əvvələn, ondan ötrü alırıq ki, əncüməni-xeyriyyə üçün ianə pulu gərək verəsən… Sonra nə qədər axtardım konsulu tapam, şikayət edəm, – yol vermədilər. Biz bir nümunə üçün bunu yazırıq; qalan yüz on beş kağızda da bu cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu. Məsələn, İrəvandan Usta Əli yazır: “İrəvan konsulu fərraşların bir neçə dəstəsini nayibin sərkərdəliyi ilə düzüb Naxçıvan yoluna, bir neçə dəstəsini Üçkilsə yoluna. Nayiblər əllərində günlük, fərraşlar əllərində zoğal ağacı, yolun kənarında düzülüb səhərdən-axşama kimi müntəzirdilər. Bəli, görürlər ki, uzaqdan bir neçə adam toz-torpaq içində, belləri bükülmüş, çoxusu ayaqyalın və hamısı piyada, cırıqmırıq paltarda başlarını aşağı əyib yavaş-yavaş gəlirlər. Nayib və fərraşlar bunların qabağına yeriyib əvvəl soruşurlar ki, haralısınız? Əgər cavab verdilər ki, rus rəiyyətiyik, – canları qurtardı; yoxsa desələr ki, İran əhliyik, – aşları bişibdi. Nayib əvvəl öz əli ilə başlayır yolçuların ciblərini axtarmağı, əgər birindən narazılıq əlaməti görsənsə, fərraşlara hökm olunacaq ki, vursunlar. Elə ittifaq düşür ki, yolçuların bəzisi biədəblik edib üzə durur. Onu axırda aparırlar İrəvana, konsulun hüzuruna. Məsələn, Məşədi Heydərqulu yazır ki, məni apardılar konsulun yanına və ərz elədilər ki, bu kişi çox danışır. Konsul hirslənib durdu ayağa. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam. Konsulun qıçları az qalır mən boyda olsun. Qərəz, konsul hirslənib gəldi mənim yavığıma və sağ ayağını qaldırıb, çəkməsinin dabanı ilə başımdan vurub, papağımı saldı yerə və sonra yumruqla çılpaq başıma o qədər vurdu ki, az qaldım öləm. Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. Dedim: Xan, öz aramızdı, dünən məni çox bərk döydün. Xan gör mənə nə cavab verdi: Dadaş, mən özgə qulluqçular kimi müftə yeyib yatan deyiləm: həmişə alnımın təri axa-axa mən padşaha xidmət eləmişəm. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda, növ-növ iftira və yalan! Sözüm orasındadır ki, bu cür böhtanlar İran konsullarının barəsində çox deyilib və yazılıb; həmin böhtanların biri də İbrahim bəyin İranın xariciyyə vəzirinə dediyidir: “Bəxuda pənah mibərəm əz in vəzi nagüvar ki hər ca qədəm nəhi pur əst ba dilsuxtəgane İrani ki dudi ahişan ruyi süpehrra tirəvü tarik mikönəd. Əz təəddiyati daxilə migirizənd, dər xaricə bezülmhayi bədtər əz on giriftar mişəvənd. Bəhər cavü hər deh ki dər məmaliki Rum və Rus mirəsi, xahi didi ki, cəmi biar və bikar benami fərraş dövri yekira giriftə, isməşra konsul güzəştəənd və bəittifaqi on kəmər bətarac və qarəti in biçarəgani avarə əz vətən bəstəəndə” (“Səyahətnameyi- İbrahim bəy”). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyul 1906, №15 * * * Nə eləmək? Duma da ki, belə oldu. İndi bəs nə eləmək? Duma yenə bir məşğuliyyət idi; hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub, günümüzü bir tövr keçirirdik. Bu da ki, axırda belə oldu. İndi bəs nə eləmək? Bu barədə yoldaşlarımıznan çox fikirləşdik; fikirləşdiksə də bir yana çıxarda bilmədik. Ondan ötrü bir yana çıxarda bilmədik ki, hər birimizin rəyi bir cürdü. Məsələn, deyirəm, ay yoldaş Mozalan, sən də bir ağıllı kişisən, bir de görək, duma ki, dağıldı, indi camaat bəs nə eləsin? Gör evi xarab Mozalan mənə nə cavab verir, deyir ki: – Camaat indi gərək yatsın. Deyirəm: – Ay qardaş, sən Allah, belə damnan düşmə sözlər danışma; xalq eşidib səni məzəmmət elər. Evi xarab, elə haman sözünün üstündə durub ki, durub; deyir: – Camaat indi gərək yatsın. Sonra üzümü Lağlağıya tutub onun rəyini soruşdum. Zalım oğlu zalım, vaqeən lağlağı imiş. Mən ondan bir müxtəsər söz soruşuram, o gör mənə nə cavab verir: – Raviyani-əxbar və naqilani-şəkkər şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, bir qurd var idi və bir neçə də xırda-mırda, balaca, zəif, fəqir və biçarə, sahibsiz və köməksiz, ac və susuz, yetim-yesir quzu var idi. Bir gün qurd quzuların yanına gəlib… Lağlağının sözlərini kəsib dedim: – Get bala, get nağıl deməyinə, sənin əlindən nağıl deməkdən savayı özgə bir iş gəlməz. Get, duma məsələsi sənin xörəyin deyil. Lağlağı da belə getdi. Növbət Hərdəmxəyala yetişdi. Deyirəm: – Ay yoldaş, barı sən mənə de görüm, duma ki, dağıldı, indi camaat nə eləsin? Bu rəhmətliyin oğlu da başladı ki, mən Hacı Nəcmüddövlənin təqviminə baxmamış bu barədə bir söz danışa bilmənəm. Hərdəmxəyal da elə getdi. Qaldı Hophop. Bunun da rəyi budur ki, camaat götürüb Müzəffərəddin şaha bir ərizə göndərsin və təvəqqə eləsin ki, şahənşah duma məsələsinə müdaxilə edib camaata riayət etsin. Dedim: – Əzizim, Hophop, qorxuram İran padşahı bu məsələyə qarışıb Almaniya və Avstriya padşahları kimi, padşaha tərəf saxlaya, nəinki camaata. Hophop bir qədər fikirləşib cavab verdi: – Doğru deyirsən, ay Molla Nəsrəddin, mən burasını fikirləşmirdim. Hophop da belə getdi. Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. Laəlac qalıb götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. Bir neçə saatdan sonra bu məzmunda cavab gəldi: “Bakının, Qarabağın, Gəncənin və İrəvanın bəyzadə və xanzadələri ilə və bir neçə nəfər İran əhli ilə bir yerdə xanımlar məclisində Kaxet çaxırı içə-içə sənə dua göndərirəm. Vəssəlam”. Bu da Qızdırmalının rəyi! İndi qaldım mən. Özüm rəyimi deyim: – Mənim rəyim budur ki, lazımdır… dava etmək! Təvəqqə edirəm ki, fikriniz özgə yana getməsin, səbr edin görün nə deyirəm. Bəli, lazımdı dava etmək. Kimnən dava etmək? Rusiyanın özgə millətləri ilə işim yoxdur, mən Qafqaz sözü danışıram. Mən belə məsləhət görürəm ki, Qafqazda nə qədər ki, erməni var, tökülüb bir günün içində müsəlmanların hamısını qırsın; sonra da müsəlmanlar tökülüb erməniləri qırsınlar. Məhz bu cür dumanın acığını çıxartmaq mümkündür. Yoxsa özgə bir çarəsi yoxdur. Əgər gürcülər də bu davaya qarışsaydılar, dəxi yaxşı olardı; qarışmasalar, qarışmasınlar; canları cəhənnəmə! Bəs belə. Lazımdır dava eləmək! Buradan bir haşiyə çıxaq. Tiflisdə bir qəzet var, adı “Qolos Kavkaza”dır; özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi var, özgə yerlərdən nə qədərdir bilmirəm. Qərəz… Dünən bu qəzetin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soruşdu: – Ay Molla Nəsrəddin, deyirlər Bakıda ermənilər və müsəlmanlar bir-birlərini qırıb qurtardılar. Xəbərin var? Dedim: – Xeyr, xəbərim yoxdur. Amma güman edirəm ki, bu xəbərin əsli yoxdur. Gördüm ki, rəfiqim başını saldı aşağa. Dedim: – Bəradər, heç ürəyini sıxma, iki ay bundan irəli Frəngistan darülfünununun mərizxanasında bir Qafqaz ermənisi ilə bir Qafqaz müsəlmanının başlarını yarıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürlər ki, tərəzidə heç bir şey yox. Məlum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar. Mühərrir rəfiqim sözümü tez başa düşdü və sevincək əlimi sıxıb “spasibo” – dedi və uzaqlaşdı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 iyul 1906, №16 * * * Tərəqqi əlamətləri Keçən rəbbiyəl-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlmanlarının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmir müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb, hökumətə pişnəhad ediblər: “Biz, Kürdəmirdə sakin olan müsəlmanlar, Kürdəmirdə beşinci duxanın açılmağına razıyıq; çünki burada olan dörd dənə duxan bizlərə kifayət vermir. Və bu barədə qol qoyuruq”. Tarix flan və qırx dörd müsəlmanın imzası. Tiflis müsəlmanları da yazdıqları razılıq kağızı bu məzmundadır: “Ax, keçən günlər! Doğru deyiblər ki, “keçən günə gün çatmaz”. Hanı o günlər ki, bizim gözəl məhəllədə, Sumbatov küçəsində fahişəxanalar başdan-başa düzülüb, məhəlləmizi zinətləndirirdi: gələn, gedən, fayton, alış-veriş… Xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətdə London şəhərinə bir təpik də vurmuşdu. Amma Allah baisin evin yıxsın! O gözəl, nazənin-sənəm, sərvqəd və laləüzar qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar canü-dildən razılıq izhar edirik ki, fahişəxanalar dübarə bizim məhəlləyə təşriflərini gətirsinlər”. Tarix flan və altmış müsəlmanın imzası. Ax, ax!.. Vay, vay!.. Ay bu kağızlara qol qoyan müsəlmanlar!.. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol, Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda xam ol, Sök aləmi, yandır; Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə, Məclubi-üyun ol; Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə, İmanə sütun ol; Səy eylə ki, saqqal uzanıb üç çərək olsun, Papaq ona nisbət; Qurşaq da, bilirsən ki, on arşın gərək olsun. Təfsilə nə hacət… Qoyma yerə təsbihini, əl çəkmə duadən, Övrad oxu daim; Məclisdə çəkib tut özünü, ol nücəbadən, Söz söylə mülayim. İştə geyinib məzhəbi, imanı büründün, Pək möhtərəm oldun, İndi nəzəri-xəlqdə sən pak göründün, Əhli-kərəm oldun; Başdan-ayağa əmnü əman oldu vücudun, Zöhd ilə bitişdin; Nolmaq diləyirdinsə haman oldu vücudun, Məqsudə yetişdin! Vəqt oldu ki, indi edəsən aləmi talan, Tut, qoyma qaçanı! Hökm indi sənindir, dəxi çək işlərə saman, Yığ müşkül açanı. Dul övrətə bidad elə, eytamə xəyanət, Xövf etmə əcəldən; Məkr isə özün qıl, oxu şeytana da lənət! Şad ol bu əməldən, Əl çəkmə hiyəldən, Təzvirü dəğəldən, İmanı da versən, Vermə pulu əldən! Hop-hop “Molla Nəsrəddin”, 28 iyul 1906, №17 * * * Qoloşapova Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?.. Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus”? Məgər bunun əvəzidir ki, rus-yapon davası başlanandan axıra kimi müfti və şeyxülislamlarımız dəxi minbərlərdən aşağı yenmirdilər və müsəlman camaatını məscidlərə yığıb, yaponiyalıların basılmağına gecə və gündüz dua edirdilər? Bəlkə qazılarımız bu duaları eləməyəydilər, onda canını hara qoyacaq idin? Yəqin bil ki, bir nəfər rus əsgəri Mancuryadan sağ və səlamət geri qayıtmayacaq idi. Məgər belə sədaqətin əvəzidir ki, indi sən eləyirsən, ey vəfasız Qoloşapov? Bu məgər onun əvəzidir ki, sənin padşahın yolunda Sultanov kimi müftilərimiz Peterburqa cəm olan müsəlman vəkillərinin barəsində şipyonluq, şeytançılıq ediblər ki, padşah ona “spasibo” göndərsin? Məgər bu, onun əvəzidir ki, neçə ağıllı və zəkavətli vəzirlər yığılıb dumanı dağıda bilmədilər, axırı Şamaxıdan hacı Əbdürrəhim əfəndi çörək paralarına tilsim yazıb və padşaha təqdim edib, bir həftənin içində dumanı dağıtdı? Bu məgər onun əvəzidir ki, yetmiş iki millət baş qaldırıb yapışıblar sənin padşahının yaxasından və deyirlər: “Canın üçün, ey padşah, dəxi bəsdi bura kimi! Dəxi qoymayacağıq ki, sənin vəzirlərin və qubernatların bizi boğsunlar”! Amma biz müsəlmana növbət gələndə deyirik: “Bu işlər hamısı Allah yanındadır, bizə dəxli yoxdur”. Yoxsa, ey bivəfa Qoloşapov, bu işləri ondan ötrü eləyirsən ki, müsəlmanları yaxşı tanıyırsan? Yoxsa ondan ötrü eləyirsən ki, bilirmişsən ki, müfti və şeyxülislam gedib sərdara səndən şikayət edəndə sərdar onları görmək də istəməyəcək? Yoxsa ondan ötrü eləyirsən ki, müsəlmanın həmiyyət və qeyrətindən xəbərdarsan? Yoxsa ondan ötrü eləyirsən ki, sənə qabaqca yəqin imiş ki, müsəlman vəhşi bir millətdir, birinin-birindən xəbəri yoxdur, gəncəlinin bakılı ilə, bakılının iranlı ilə, irəvanlının şirvanlı ilə işi yoxdur? Yoxsa qabaqca sənə məlum imiş ki, sən Qarabağı topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi quracaqlar, Tiflisdə Vəzirov və Ağalarov kimi millət başçıları fahişəxana açmaq fikrinə düşəcəklər, kəndlərdə və şəhərlərdə qazılar və mollalar camaatın yuxusunu səkkiz qəpik alıb təbir edəcəklər? Yoxsa bunları sən qabaqca bilirmişsən, ey vəfasız Qoloşapov? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyul 1906, №17 * * * Qoloşapovun geri çağırılması Şuşadan çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şuşadan geri çağırılıb. Qoloşapovun əzl olunmağının əhvalatını nağıl etmək istəyirəm. Kişinin çörəyinə bais müfti və şeyxülislam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular. Müfti və şeyxülislam cənabları faytona minib, sərdarın yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən tökün – mənə qulaq verən olmadı. Axırı müfti əfəndi mənə cavab verdi: – Niyə getməyək, ay Molla? Bizim müsəlman qardaşları Şuşada qırsınlar, biz duraq baxaq? Sənin qeyrətinə nə gəlib? Mən gördüm ki, müfti əfəndi doğru fərmayiş edir, dedim: – Eybi yoxdur, gedirsiniz, gedin. Amma barı biriniz gedin; ikiniz də birdən getməyin. – Dedilər: – Niyə? – Dedim: – Ondan ötrü ki, cənab canişin sizi görüb qorxar. Şeyxül islam əfəndi buyurdu ki: – Qorxar, yazaram Bakıdan flan molla və Danabaş kəndindən də filan molla dua yazıb göndərərlər (Mollaların adını şeyx cənabları söylədi, amma mənim yadımdan çıxdı). Bəli, faytonu sürdülər. Mən faytonun dalınca sərdar imarətinin yanına kimi qaçdım ki, işdi, canişin qorxsa, mən bir çarə edim; çünki mən özüm də mollayam, hər bir dərdə əlac edə bilərəm. Canişin cənabları akoşkadan faytonu görcək, qapıçılara buyurdu ki, qapıları açsınlar. Xülasə, canişin həzrətləri əli titrəyə-titrəyə qələmi götürüb, Qoloşapova hökm elədi ki, durmayıb gəlsin. Hətta teleqramı verdi müfti əfəndi özü oxudu. Məlumdur ki, müfti əfəndi rusca kamil oxuyub danışa bilir; hətta çox vaxt qazı və mollalarla rusca danışır. Qərəz, haman saat teleqraf göndərildi. Müfti və şeyx cənabları qəhvə içməyə məşğul oldular və aradan səkkiz dəqiqə keçmişdi ki, Şuşadan Qoloşapovdan belə cavab gəldi: Ay sərdar, başına dönüm, axır mənə mühəvvəl olunan hökmlərin dörddən birini əmələ gətirmişəm. Belə iş olar ki, məni indiki vaxtda çağırırsan? Canişin cənabları yenə qələmi götürüb yazdı: Çox danışmaq istəməz. Ağa buyurur sür dərəyə – sür dərəyə! Yenə səkkiz dəqiqə keçməmişdi, Ağdamdan cavab gəldi: Sizin hökmünüzə binaən Şuşadan çıxıb, indi Ağdamdayam və gözləyirəm ki, atları qoşsunlar, minib Yevlaxa tərəf yola düşüm. Müfti və şeyxülislam həzrətləri canişinə “spasibo” – deyib, istədilər yola düşələr. Mən bu heyndə sərdarın imarətinin akoşkasına dırmaşıb, bu işlərə tamaşa edirdim. Cənab şeyx məni görüb dedi: – Ay Molla, sən Allah, düş aşağı, sərdar səni görər, biz xəcalət çəkərik. Dedim: – Cənab şeyx, bir yavığa zəhmət çək, qulluğunuza bir neçə söz ərz edim. Dedi: – Nə demək istəyirsən? Mən yavaşca başladım: Etdi bu fələk hər kəsə bir tövr yamanlıq, Səd heyif keçən gün! Şükr eylədik Allaha yetişdikcə ziyanlıq, Olduq yenə məmnun. Hər bir iş üçün xatimə bəxş oldu bu afaq, Əfsürdə biz olduq. Çaldı bizə bir özgə səyaq ilə fırıldaq, Qəmli günə qaldıq. Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar, Boylə fələk olmaz! Yox boylə iki dilli, yaman üzlü cəfakar, Bir zərrə utanmaz! Verdi bu hamı qonşulara sənətü dövlət, Dünya, sənə lənət! Səsləndi, gedin siz yatın həmmamdə rahət, Bicadı bu zəhmət! İslam uşağı yatsın ayağında fələqqa, Bu növ idi təlim. Vursun buların başına həm Mirzə Tərəqqa, Eylin onu təkrim Ey-vay, bu fələk qoydu bizi löğməyə həsrət, Qaldıq biz adamsız! Verməz dəxi bir parça çörək tapmağa fürsət, Get yatgilə şamsız. Öz bildiyini qıldı müsəlmanlara dövran, Əl işdən üzüldü. Çaxçax başın ağrıtdı, kefin çəkdi dəyirman, İş həcvə düzüldü. Bu çərxi-sitəmkarın aman məsxərəsindən! Bais, balan ölsün! Baxmış bu müsəlmanlara qəm pəncərəsindən, Çərxin üzü dönsün! Əvvəl bu fələk cümlədən əymişdi damağı, Qəm kasəsi daşdı. Axırda bizim başımıza vurdu çanağı, Su başdan aşdı. Bir rus görəndə oluruq xar yanında, Quzu, keçiyik biz. Keçməz sözümüz bir pula sərdar yanında, Çünki nəçiyik biz?! Tanrı buna şahid – Quzu, keçiyik biz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 avqust 1906, №18 * * * Vətən məhəbbəti Vətəndən bəzi səbəblərə görə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhariməhəbbət və təəssüf etməkdədirlər. Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”. Qarabağ əhalisindən vətən qardaşlarının halına yananların ikincisi Suşa qalası şahzadələrindən prins Seyfulla Qacar cənablarıdır. Müşarileyh “Tiflisski listok” qəzetinin 160-cı nömrəsinə bu məzmunda bir məktub göndərib: “Cənab mühərrir, təvəqqe edirəm sizin sevgili qəzetinizdə mənim bu məktubuma yer verəsiniz: sizin qəzetənizin 156-cı nömrəsində Şuşa əhvalatı xüsusunda belə yazılıb ki, guya Şuşada yanan evlərin biri də şahzadələrin evidir ki, müsəlmanlar haman evi dava mövqeyi etmişdilər. Mən qorxdum ki, bu xəbəri hərə bir cür başa düşə və bu səbəbdən məlum edirəm ki, şahzadələrin atası mərhum Bəhmən Mirzə 1884-cü ildə vəfat edəndən sonra onun oğlanları başladılar yavaşyavaş Qarabağdan hərə bir yana köçməyə, çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın. Vaqeən Şuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır. Həmin vaxtdan indiyə kimi şahzadələr vətəndən bilmərrə köçüb Rusiya dövlətinin hərbi qulluğunda xidmət etməkdədirlər. Əvvəl-axır şahzadələrdən Şuşada bir ailə qalmışdır ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimi köçüb Vladiqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdır, onu da ki, yandırdılar və yandırandan sonra özləri üçün mövqe etdilər. Dəxi biz neyləyək? Müxlisiniz şahzadə Seyfulla Qacar” Bu gürcü milləti çox sırtıqdır. Hələ özgə işləri qalsın kənarda, indi də başlayıblar ki, biz istəmirik ki, ruhani rəisimizi Rusiya hökuməti təyin eləsin, necə ki, indiyə kimi eləyir. Biz öz işlərimizi özümüz idarə eləmək istəyirik. Aşkardır ki, Rusiya hökuməti də hər bir nağıl – məsələyə qulaq verən deyil və bu yavuq vaxtlarda gürcülər üçün genə irəliki sayaq ilə böyük (ekzar) eləyib onlar üçün hədiyyə göndərmək istədi. Sırtıq gürcülər də ki, əl çəkən deyillər. Bu günlərdə tamam gürcü keşişləri padşahın vəzirinə bir belə teleqram çəkdilər: Biz eşidirik ki, bizə genə böyük xəlifə göndərirsiniz. Baba, biz istəmirik, vallah, billah, istəmirik, istəmirik, istəmirik. Vaqeən gürcü milləti çox sırtıq millətdir. Görüm nədən ötrü bu sözləri deyirdim? Hə... Deyirlər ki, Şamaxı və İrəvanın qovunu çox şirin olur. Xülasə... Bağışlayınız, başağrısı verdik. Hop-hop “Molla Nəsrəddin”, 4 avqust 1906, №18 * * * Müsəlman içində gördüklərim Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir. Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum: – Ay uşaq, burada məktəb var? Uşaq hər iki əllərinin şəhadət barmaqları ilə gözlərini bərəldib, “xox” elədi və qaçdı getdi. Sonra bir kişiyə rast gəldim və yenə istədim məktəbin olmağını, ya olmamağını biləm. Kişi mənə cavab verdi: – Mən məktəb-zad bilməz. – Dedim: – A kişi, heç olmazsa buranın ağsaqqallarından və hörmətli əhalisindən bir adam mənə nişan ver ki, onlarla görüşüm. Kişi əlini bir tərəfə uzadıb dedi: – Bax oturublar orada. Üzümü haman tərəfə tutub gördüm ki, kəndin kənarında, söyüd ağacının dibində beş nəfər adam oturub. Yavıqlaşıb gördüm ki, bunlar yanlarına bir tuluğ çaxır qoyub, stəkanları doldurub içirlər. Əvvəl bunu soruşdum ki, “siz nə millətsiniz?” Hamısı birdən cavab verdilər ki, “əlhəmdülillah, müsəlmanıq”. Sonra mən xəbərdar oluram ki, bu ağalar Salahlının bəyləridirlər”. Kitabın 917-ci səhifəsində cənab Reynqart Şamaxı səfərini yazır: “Girdman çayını keçib, yetişdim Şamaxıya. Küçə ilə bir şəxs gedirdi. Divarın dibində oturan adamlar bunu görcək tez ayağa durub, salam verdilər. Mən bildim ki, bu şəxs mötəbər bir adam olacaq və çünki əlində təsbih də vardı, mən yəqin elədim ki, itaət əhli olmalıdır. Mən bu cənaba diqqət etməkdə idim, bir nəfər adam mənə yavıqlaşıb dedi: – Ay aşna, nə çox hacı ayağa diqqət edirsən? Dedim: – Hansı hacı ağaya? Dedi: – O əlində təsbih gedənə. Dedim: – Kimdir o vücud? Cavab verdi ki: – O cənab, şəhərimizin mötəbər və mömün şəxslərinin biridir. Dedim: – Maşallah! Dedi: – Bir qulaq ver, sonra maşallah de. Dedim: – Sözünü söylə. Rəfiq başladı: – Mən şamaxılı Əladdin Molla Qəni oğluyam. Biz beş qardaş və iki bacıyıq. Keçən zəlzələdə bizim evlər uçub dağıldı və biz hamılıqnan köçüb, Gəncədə başladıq sakin olmağa. Bu hacı ki, əlində təsbeh gedir, bizim evimizi qəsb edib, imarət tikdirib, ildə üç-dörd dəfə həmin evdə qonaqlıq məclisi qurur və şəhərimizin bir para “alim” və “fazil”ləri gəlib haman evdə plov yeyəndən sonra namaz qılırlar və özləri də bunu bilirlər ki, o yer qəsbdir. Mən bu sözləri eşitcək qaçdım haman hacının qabağına və soruşdum: – Sən nə millətisən? Hacı ağa üzünü mənə çöndərib cavab verdi: – Əlhəmdülillah, müsəlmanam. Dedim: – Çox sağ ol”. Kitabın 955-ci səhifəsi Rəşt şəhərindən söhbət açıb deyir: “Rəşt qazısı şəriətmədar Axund hacı Molla Mehdi Rəşt və ələlxüsus Gilan əhlinin başına elə bir it oyunu gətirir ki, xalqın fəryadı göylərə bülənd olur. Hər bir hakim Rəştə varid olan kimi Axund Molla Mehdi onunla əlbir olub, başlayır biçarə əhalinin dərisini soymağa və hər nə ki, fəqir-füqəradan qarət eləsə, hakimlə yarı bölür”. Cənab Reynqart yazır ki, “mən istədim axundu ziyarət edəm. Cənab qazı bildi ki, mən Avropa əhliyəm və mənə hörmət qoyub yavıqlaşdı və ədəblə mənimlə əl-ələ verdi. Mən əl verib soruşdum: – Cənab axund, siz nə millətsiniz? Axund mənə cavab verdi: – Əlhəmdülillah, müsəlmanam”. Kitabın 967-ci səhifəsi Bakıdan danışır. Səyyah bakılıları mədh edir və hətta [kitabın] bir yerində Bakı əhlini qamətdə və şücaətdə Rüstəm pəhlivana oxşadır. Amma heyif ki, burada kitabın bir neçə vərəqi cırılıb. Bakı fəqərəsinin axırında yazır ki, “hər bir bakılıdan soruşdum ki, “mən ölüm, doğrusunu de görüm, nə millətsən?” – və hamı and içib söylədi ki, “ədhəmdülillah, müsəlmanam” (mabədi var). İdarədən: Bir kəs ki, istəyə cənab Reynqartın kitabını ələ gətirə, Tiflisdə hər gün nəşr olunan müsəlman ruznamələrinin birinə rücu etsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 avqust 1906, №19 * * * İfratın mənfəəti (“Həyat”ın 176-cı nömrəsini oxuyanlarla bir balaca söhbət) Cənab H.K.“Həyatın” söylədiyimiz nömrəsində “İfratın məzərrəti” adında yazdığı məqalədə deyir: “Bir millətin heyəti-camiəsi nə qədər məsrur və şad və azad olsa, o qədər tərəqqi edər, o qədər iş görər, o qədər də şəci, rəşid, aqil və alim olar. Böyük Napalyon bir vaxt düşündü ki, Fransa millətinin birinci səbəbi-tənəzzülü hüzn və qəmdir, özü klublar açdı, rəqs etdi, xalqı müaşirətə təhrik etdi. Həmçinin böyük Pyotr, həmçinin sair Avropa mucibi-tərəqqiləri. Və lakin bizim İran millətini dövlət, üləma, sadat, əşraf, rüəsa – hamısı ağlamağa dəvət edirlər. Həzrəti- Hüseyn əleyhüssəlamın şəhadəti dünyanın böyük müsibətlərindəndir. Hər sənə on gün məhərrəmi o büzürgüvar üçün məhzun olmaq müstəhəbb, müəkkəd və savabdır və lakin il on iki ay məhzun olmaq, ağlamaq, baş yarmaq, əlli milyon tümən xərcləmək milləti mərsiyəxan surətində gəda eləyib, çöllərə salmaq, əlbəttə, müzürrdir, bişübhə milləti fəlakət və əsarətə salar. Bir yerə nə işdən ötrü olursaolsun cəm olanda, toy məclisində, bayram görüşündə, qonaqlıqda və hər növ şadlıq və qeyri-şadlıq məclisində və hətta ticarətxanalarda və bəlkə tərəqqi edib şüareyi-müabirdə, xalqın tərəddüdünü kəsib, işgücdən qoyub, başına vurub ağlatmaq, əlbəttə, milləti bu hala yetirər”. Cənab “H.K.”nın bu sözlərinin cavabında deyə bilərik ki, bütün yer üzündə yetmiş iki millətin içində heç bir məmləkət tapılmaz ki, müsəlman içində olan xeyir və bərəkətin yüzdən bir hissəsi orada ola bilsin. Ax, fəda olum sənə, ey müsəlman aləmi! Nə gözəl imişsən!.. Allah o günü heç kəsə göstərməsin ki, birisi gedə düşə özgə millətlərin içinə, əlindən də bir iş gəlməyə, bir sənət və qabiliyyət sahibi olmaya! Yəqin ki, belə bir adamın dilənməkdən savayı bir çarəsi olmayacaq. Amma di gəl müsəlman aləminə Allah min-min bərəkət versin! Əgər müsəlman içində “ağa” olmaq, çörək sahibi, hörmət-izzət sahibi olmaq istəyirsən, meydan genişlikdir, hər nə istəyirsən ol, Allah bərəkət versin. Əgər uşaqlıqdan arzu eləyibsən dövlət və cəlal sahibi olasan və özün də heç bir zəhmət çəkməyəsən, get mərsiyəxan ol; bu şərtlə ki, uca səsin ola; özgə bir şey lazım deyil. Buradan bir haşiyə çıxaq. Uşaq vaxtı, Molla Heydərin məktəbində oxuyan vaxt, mənim bir yoldaşım var idi; adı Qafar idi. Çox yaxşı oğlan idi. Amma dərs oxumağa bircə tikə həvəsi yox idi. Bir gün axund, Qafarın ayaqlarını fələqqəyə qoymaq istəyirdi. Amma Qafar bunu başa düşüb dərsdən qaçdı. İndi Molla Qafar Danabaş kəndində şöhrətli mərsiyəxanaların biri hesab olunur. Bəli, Allah müsəlman aləminə bərəkət versin! Meydan vüsətlidir, hər nə istəyirsən ol: sinəzən ol, növhəxan ol, məşəl yandıran ol, dəstəbaşı ol, şəbihgərdan ol… hər nə kefin istəyir – ol!.. Buradan da bir haşiyə çıxaq. Avropa kitablarında və səyahətnamələrində müsəlmanlardan söz düşəndə yazırlar ki, müsəlmanlar il on iki ay ağlamaqla vaxtlarını keçirirlər. Tutaq ki, bu sözlər səhvdir, çünki hərdənbir mərsiyədən sonra məsciddən çıxıb mütrüb məclisinə də gedirlər. Amma bunilə belə, o yerlərdə ki, mütrüb yoxdu, vaqeən il on iki ay müsəlmanlar ağlamaqla vaxtlarını keçirirlər. Buradan da bir haşiyə çıxaq. Qabaqca ərz elədiyim Molla Qafar mərsiyəxanla bildir bir dəfə görüşən vaxt mən ondan soruşdum: – Ay Molla Qafar sən Allah, məni bir başa sal görüm, nədən ötrü bir ilin ərzində üç yüz altmış beş gün xalqı ağlamağa dəvət edirsən və halonki, müsəlmanın müsibət əyyamı məhərrəmül-həram ayıdır? Molla Qafar əvvəl sözün doğrusunu demək istəmədi. Amma sonra and verdi ki, bu sirri mən heç kəsə açmayım və başladı: – Ay Molla Nəsrəddin, əgər biz mərsiyəxanlar durub bircə məhərrəm ayına iktifa eləyib qeyri ayları bekar qalsaq, pəs onda bizim ruzumuz haradan və kimdən yetişəcək? Bir qədər fikir edib gördüm ki, rəfiqim doğru deyir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 avqust 1906, №20 * * * Bir gürcüyə cavab Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət… Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm. Qonağım başladı: – Üç yüz il bundan irəli Frəngistanda da uşaqlar 18 yaşına kimi küçələrdə aşıq oynardılar, qızlar qıcmadaş və beşdaş oynardılar. Hürriyyət, cümhuriyyət [sözü] danışanın qulaqlarını kəsərdilər. O vədə Frəngistan padşahı on dördüncü Lüdovik həmişə deyərdi: “Hökumət ibarətdir tək mənim vücudumdan” və kimin hünəri var idi irad etsin və bunun səbəbi budur ki, uşaqlar 18 yaşına çatan kimi küçələrdə aşıq oynardılar. Amma elə ki, camaat elm və mərifət vasitəsilə başladı gözünü açmağa, Frəngistan padşahları da yavaş-yavaş təşriflərini apardılar. Odur ki, indi Frəngistan hökumətini məhz camaatın öz vəkilləri idarə edir. Odur ki, Frəngistan millətlər içində olan şöhrəti ilə fəxr etməkdədir. Bu sözləri deyəndən sonra gürcü rəfiqim genə mənim rəyimi soruşdu. Dedim: – Hələ sözünü qurtar. Mən axırda birdən cavab verərəm. Rəfiqim başladı: – Bir vaxt var idi ki, Germaniya imperatorları, nəuzübillah, Allah iddiası edirdilər və onların rəftarı üçün heç bir qanun yox idi. Bunun da səbəbi o idi ki, uşaqlar on səkkiz yaşına kimi küçələrdə aşıq oynayırdılar, qızlar da habelə. Amma di gəl indi gör ki, işlər necə olub: indi Germaniya padşahı şikara gedəndə də camaat vəkillərindən izn istəyir. Məhz məktəblər və genə məktəblər Germaniya millətini bu mərtəbəyə yetiribdir. Genə bu sözləri deyib, rəfiqim mənim rəyimi soruşdu. Dedim: – Sözünü qurtar, rəyimi axırda deyərəm. Qonağım başladı: – Ay Molla, and verirəm səni dərviş Ağabalanın canına! Sənə mən indi bir söz deyəcəyəm. Sən mənim bu sözümü əlbəttə yetir iranlılara. – Dedim: – Baş üstə. Rəfiqim başladı: – İranlılar indi şadlıqlarından mayallaq aşırlar. Amma bunu bilirlərmi ki, ingilis məmləkətində məşrutiyyət fərmanı miladi tarixinin 1215-ci ilində elan olunub və həmin tarixdən 1689-cu ilədək ingilis milləti ilə ingilis padşahlarının mabeynində hürriyyət üstə hədsiz davalar əmələ gəlib, hədsiz qanlar tökülüb, üç dəfə böyük inqilab zühurə gəlib və məhz 1689-cu ildə ingilis məşrutiyyəti bərqərar olub? Camaatın padşaha güc gəlməsinin səbəbi məhz o oldu ki, uşaqlar küçələrdən yığışıb və aşıqlarını İrana göndərib doluşdular məktəblərə. Sözünü tamam edib qonağım rəyimi soruşdu. Mən dostuma belə cavab verdim və güman edirəm ki, yaxşı cavab vermişəm; dedim: – Rəfiq, əvvəla, çox uzun müşərrəf oldun. Bizim Lağlağı da çox danışandı, amma danışanda genə başa düşmək olur ki, nə dedi və lakin sən o qədər hədərən-pədərən nağıl elədin ki, indi də qulaqlarım taqqıldayır. Nə bilim Frəngistan belə gəldi, məşrutiyyət belə getdi. İkinci də budur ki, sən nahaq yerə xəyal edirsən ki, bizim oğlanlar və qızlar oxumurlar. Qonağım hirslənib tez durdu ayağa. Dedim: – Yavaş! Heç hirslənmə! O ki oğlan uşaqlarımızdı, onlar on səkkiz yaşına kimi oxuyurlar: əlif zəbər-ə. Be zən be. Cim zəbər ce… Rəfiqim sözümü kəsib dedi: – Çox əcəb. Bunu oğlan uşaqları oxuyur. Bəs sən dedin ki, qızlar da oxuyurlar? Tez cavab verdim: – Əlbəttə, qızlar da oxuyurlar. Qızların da üç-dördü bir yerə cəm olanda, biri götürür qavalı, biri düşür oynamağa və qalanları da çəpik tutub oxuyurlar: Bu gecə yemişəm bir dənə qarpız, Balam ey, balam ey! Balam ey!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 avqust 1906, №21 * * * Abirin və kilab Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir? Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər. Burada mən barmağımı dişlədim: “a kişi, bu təmsili biz rus dərsi oxuyan vaxt əvvəlinci il oxuyub əzbərləmişik”. İndi mən çox heyifslənirəm ki, ərəbcə savadım yoxdur; əgər olsaydı, ömrümdə bircə kəlmə türkcə nə oxuyardım, nə yazardım, nə tərcümə edərdim. Mənim xəyalıma bir şey də gəlir: rusca oxuyanlara məlumdur ki, Krılov təmsillərini sadə rus dilində yazıb ki, rus milləti yaxşı başa düşsün. Əgər Krılov bilsəydi ki, türklər onun təmsillərini türk dilinə tərcümə edəndə yolçulara “abirin” və itlərə “kilab” adı qoyacaqlar, yəqin ki, Krılov da təmsillərini frəng, ya nemsə dilində yazardı. Heyif ki, mən də özgələr kimi ərəb dilini dərin oxumamışam. Hop-hop “Molla Nəsrəddin”, 25 avqust 1906, №21 * * * Səyahətnamə Reynqartın səyahət kitabından (19-cu nömrədən sonra) Kitabın bir yerində cənab səyyah Tiflisdən nağıl edir. Deyir ki, “avqust ayının 28-də Tiflisə varid olub, məktəbxanaları görmək istədim. Əvvəl yolum düşdü üçüncü zükur gimnaziyasına. Həyət-baca dolu idi adam ilə. Kişi, övrət, uşaq qarışmışdılar bir-birinə. Xəbərdar oldum ki, bu gün gimnaziyaya təzə şagirdlər qəbul olunurlar. Bu məxluqun içində hər millətdən var idi: rus, gürcü, çoxluca erməni, yəhudi. Bir neçə övrəti də ağlayan gördüm. Məlum oldu ki, bunların uşaqlarını qəbul etməyiblər; çünki dəxi yer yoxdur (Rusiya belə işlər çox olar). Üzümü bir şəxsə tutub soruşdum: – Ay qardaş, bir mənə de görüm, məgər bu şəhərdə heç müsəlman yoxdu? Naməlum şəxs əlini qiblə tərəfinə uzadıb dedi: – Şeytanbazar mnoqo. Dedim: – Necə Şeytanbazar? Cavab verdi: – Yəni müsəlman aləmi. Üz qoydum Şeytanbazara səmt getməyə və həqiqətdə çox müsəlman gördüm və bunu bildim ki, Tiflisdə iyirmi minədək islam balası var. Bir müsəlmandan soruşdum: – Ay məşədi, bir mənə de görüm, burada müsəlmanların gimnaziyası haradadır? Məşədi mənə belə cavab verdi: – Get, get! Mən sən deyən adamlardan deyiləm!.. Bir az da qabağa hərəkət edib, bir çayçı dükanına rast gəldim. Bir neçə müsəlman bir mollanı əhatə edib, bundan məsələ soruşdular. Bunların birisi molladan bunu soruşdu: – Cənab axund, sən Allah, bizə bəyan elə görək Cabilqa və Cabilsa şəhərləri – ki, hər kitablarda məşhurdur, – haradadır? Qayibdədirmi ya zahirdədir? Biri molladan bunu soruşdu: – Cənab molla, bir bizi başa sal, Dəccalın eşşəyi nə rəngdədir, nə surətdədir? Bir ayrısı bunu soruşdu: – Fövqdə olan yeddi göylər və təhtdə olan yeddi yerlər – mələkut, cəbərut, lahut, nasut nəyin üstündə durubdurlar? Yerin üzündədirlərmi ya suyun üstündə?” Cənab Reynqart deyir ki, “bu işləri belə görən kimi, fayton çağırıb mindim və düz sürdüm vağzala”. Burada Tiflis səfəri tamam olur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 avqust 1906, №21 * * * Yar ilə görüşmək Nə xoşdur bir zaman dilbərin eşqində zar olmaq Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq Həqiqət, əgər xoşdur dilbərin visalı ümidində olub, onun yolunda ahü zar etmək, pəs gör necə xoşbəxtdirlər uzun ayrılıqdan sonra yar ilə görüşənlər! Necə xoşdur: Uzaqdan yarını görcək əsib könlü, qaçıb rəngi, Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq. Bu qədər var ki, dünyayi-fanidə az-az şəxslərin alnına belə xoşbəxtlik yazılıb. Bununla bərabər, dilbərin visalı ilə xoşbəxt olanlar yenə gahbir tapılırlar. Axır vaxtlarda yar ilə görüşməklik kamına yetənlər, əvvəla, Bakıda müsəlman cavanlarıdır ki, məktəblərdə dərslər başlanandan bəri küçələrdə balaca uşaqların intizarını çəkib, onları axırda ziyarət etdilər. Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrudən, Dolanmaq başına, şayisteyi-busə kənar olmaq. Tamam üç aydır ki, məktəblər bağlı, küçələr boş, cavanlarımız sərgərdan, balaca məhbublardan ayrı düşüb, Məcnun tək biixtiyar veyillənməkdə idilər. Üç ay demək, nə demək! Tətil icad edənin Allah evini yıxsın! İnsafən, çətindir. Çətindir hicrdə seylabi-dərdü qəm hücumudan, Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq. Dünyada məşuqun vəsli ilə ikinci xoşbəxt olanlar müfti və şeyxülislam cənablarıdır ki, bu günlərdə təzə təyin olunan ekzarxın, yəni rus millətinin rəisi-ruhanisinin görüşünə getdilər. Həqiqət, “məhəbbət bir bəla şeydir”. Çünki ruslar içində də rəsm bu cürdür ki, bir vilayətə təzə varid olan şəxs əvvəl lazım gördüyü yerlərə görüşə gedəndən sonra bu cənabın “vizitinə” gəlirlər. Və lakin: Vüfuri-şövqdən tab eyləmək, billah, deyil mümkün, Ədəb, neylim, olur qalib, çətindir şərmsar olmaq. Üçüncü xoşbəxtlər… Lal ol, ay Molla! Nə səmər hasil olacaq bu sözlərdən? Kimdir sənə qulaq verən? Kimdir məcmuə və qəzet oxuyan? Qulaqlar kar, gözlər kor, hisslər tar, zövqlər məhv!.. Kimdir bir qəpik qara pul verən sənin ləhvü ləəbinə? Kimdir etina edən sənin həcv və məsxərənə? Sən ha yaz, yaz, yaz, yaz, yaz, yaz!.. Amma bilirsənmi sənə nə cavab verəcəklər? Sənə deyəcəklər: Eşitmək gündə yüz min sərzənişlər xoşdu düşməndən, Nəzərdən düşüb, biar tək bietibar olmaq. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23 * * * Çətin məsələyə cavab Bir darülmüəllimində altmış dörd müsəlman uşağı ola və bunların ikisi müsəlman dili bilməyə ( yəni nə eybi var?), bunlara şəriət dərsini nə dildə demək lazımdır, rus dilində, ya müsəlman dilində? Bu məsələyə keçən nömrəmizdə cavab istəmişdik. Çünki indiyədək heç bir kəsdən cavab çıxmadı, biz yəqin edirik ki, bunun səbəbi məhz budur ki, məsələ çox çətin məsələdir. Hərə bir belə ittifaqda, yəni bir çətin məsələ ariz olanda biz yoldaşlarımızı bir yerə cəm edib “konfrans” məclisi qururuq və ağıl-ağıla verib məsələni həll edirik. Yoldaşımız “Hərdəmxəyal” bu barədə bir söz danışmaq istəmədi və cavab verdi ki, bu gün qəmər əqrəbdən xaric olur. Bu gün ağıl işlətmək və iş görmək yaxşı deyil. “Mozalan” cavab verdi ki, bir məktəbdə altmış dörd müsəlman uşağının ikisi müsəlmanca bilməsə, acıqnan şəriət dərsi vermək lazım deyil. “Hop-hop” dedi ki, hamısından yaxşısı budur ki, uşaqların hamısı dərsdən qaçsınlar və şəriət dərsini nə müsəlmanca oxusunlar, nə rusca. “Qızdırmalı”nın cavabı budur ki, şəriət dərsini hər surətdə rus dilində vermək lazımdır. Qaldı “Lağlağı”, bu evi xarab başladı: Başağrısı olmasın, bir gün var idi, bir gün yox idi, bir İrəvan şəhəri var idi, orada bir darülmüəllimin var idi, o darülmüəlliminin bir rəisi var idi ki, adına Miropyev deyirdilər. Haman Miropyev indi Qori darülmüəlliminin rəisidir. Cənab Miropyev, başağrısı olmasın on iki il bundan irəli bir kitab yazıb və haman kitabında deyir ki, “Mən müsəlman millətini çox, çox, çox dost tuturam, amma bircə işləri xoşuma gəlmir. “Namazı müsəlman dilində qılırlar, rus dilində qılmırlar”. Odur ki, cənab rəis məhz müsəlmanları istəməklik yolunda o vədədən indiyə kimi şəriət müəllimlərinə şəriəti müsəlman dilində öyrətməyi qədəğan edibdir. Odur ki, Cənab Miropyev hətta yuxuda da müsəlmanca danışan uşaqların qulaqlarını kəsir ki, bir də belə qələt eləməsinlər. Bu sözləri deyəndən sonra “Lağlağı” bu cür xətmi-kəlam etdi... – Əgər mən özüm də şəriət müəllimi olsam, mən özüm də şəriət dərsin rusca oxudaram, çünki əvvəla budur ki, nə eybi var, uşaq “allahü-əkbər” yerinə qoy desin “allax bolşoy” və bir də əgər rusca deməsəm, yəqin bilirəm ki, Miropyev mənim də qulaqlarımı kəsər. “Lağlağı” sözünü qurtarıb oturdu. Mən bir qədər fikrə gedib bunun cavabında bir söz tapa bilmədim. Axırda Sədi yadıma gəldi: Bizi yorma bica yerə, qıl kərəm, Rəva görmə bu millət olsun ədəm. Məzən bitəəmmül bəküftar dəm Niku gu, əgər dir guya, çe qəm. Sözü həq danış bərayi-alicənab, Nələr söyləyirsən, a xanəxərab? Benitq adəmi behtərəst əz corab Gorab əzto beh kər nəguyi-səvab. Açıb dil bu məxluqə çox vurma niş Bizə rəhm qıl ey məsəndidə kiş. Məcali-süxən ta nəyabi zi piş Bebihudə küftən mənbər qədri-xiş. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23 * * * Nəsihəti-hükəma Bu kitabçada ədəbə dair yazılan nəsihətləri yəcucu dilindən tərcümə etmişik ki, millət uşaqları oxuyub əməl edələr, çünki insana əvvəl lazımdır ədəb, sonra dərs (Yəni bəzi rəylərə görə dərs o qədər də vacib deyil). Küçədə gedəndə: Küçədə gedən vaxt kitablarını divar dibində qoyub və divara dırmaşıb xalqın alma və alçasını kal-kal yığıb ciblərinə doldurma, çünki bir molla gəlib kitablarını götürüb cırar. Küçədə qoca kişilərin papağını götürüb qaçma, itləri tutub minmə, balaca uşaqların və dilənçilərin üstə itləri küşkürtmə və qoca arvadların çadrasını başından çəkib qaçma, çünki bu işlər bir az yaxşı işə oxşamır. Küçədə faytonun dalına atılıb minəndə səy elə ki, mürəkkəb şüşəsi əlindən düşüb sınmasın. Məktəbdə öyrəndiyin dərsi küçədə gedə-gedə öz-özünə əzbərlə və istəyirsən ki, yadından çıxmasın, xalqın qapılarına kömür ilə, ya tabaşir ilə yaza-yaza get. Mürəkkəb şüşəsi ilə vurub xalqın akoşkalarının şüşəsini sındırma, o səbəbə ki, ola bilər sənin öz şüşən sınsın və evinizdə dərslərini yazmağa mürəkkəb tapılmasın. Küçədə sənə kişilər pis sözlər desələr, yavuqdan onları söymə, çünki tutub döyərlər, amma bir az uzaqlaşıb sən də onlara pis söz de. Küçədə yoldaşların ilə dalaşanda, heybədən polad qələmi çıxardıb əlinə soxma, çünki qələmin sınar. “Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23 * * * Keçən günlər Keçən günə gün çatmaz… Atalar sözü Dünən konkada iki nəfər erməni qızı gördüm. Bunların birinin əlində erməni qəzeti və o birinin əlində bir neçə kitab var idi. Bunlar ermənicə danışırdılar. İstədim bunların söhbətinə qulaq asam. Konduktor gəlib mənə bilet verdi və beş qəpik aldı. Elə ki, konduktor vaz keçdi, mən genə qulağımı verdim qızlara. Bunların biri deyirdi: – Şuşanik, gələsənə səndən bir tapmaca soruşum? Yoldaşı cavab verdi ki, “soruş”. Qız başladı: – Eşitmiş olarsan, Şuşanik ki, yaxın vaxtlarda Avstriya padşahı Frans İosif Adriatik dəryasına hərbi təlim üçün gəmilər göndərəcək idi və özü tamaşaya gedəcək idi. İndi eşidirsənmi ki, yazırlar Frans İosif dəxi naxoşluğu səbəbindən Adriatik səfərinə çıxmayacaq. İndi, Şuşanik, hünər istərəm ki, tapasan görək, Avstriya padşahının bu tezliklə naxoş olmağına səbəb nə oldu və əgər Frans İosif düz adamdı, niyə bir özgə vaxt naxoşlamadı, Adriatik səfərinə hazırlaşan kimi xəstə oldu? Bu bir tapmacadır, tapsan, nə istəsən sənə verərəm. Qız bir az fikir edib, istəyirdi cavabını başlasın, kontrolyor gəldi biletlərə baxmağa. Mən biletimi çıxardıb nişan verəndən sonra kontrolyor qəmişini çəkdi və mən başladım qızın cavabına qulaq verməyə. Qız belə cavab verdi: – Mənim yəqinimdir ki, Avstriya padşahının naxoş olmağı bəhanədir. Berlində firəng dilində nəşr olunan “Löjmanş” qəzetinin Venada olan müxbiri Frans İosifin naxoşluğunu bilmərrə inkar edir. Əhvalat bu tövrdü ki, Adriatik vilayətinin əhalisi əksərən İtaliya millətidir. Avstriya padşahına xəbərdarlıq veriblər ki, əgər o, Adriatik torpağına ayaq bassa, vilayətin İtaliya tayfası ona naməqbul nümayişlər edəcək. Bunun səbəbi budur ki, İtaliya milləti canlarını da fəda etməyə hazırdırlar ki, özgə padşaha təbəiyyət göstərib baş əyməsinlər. Qız bu sözləri deyəndən sonra yoldaşı utanmaz-utanmaz bu qədər adamın içində əvvəl başladı yoldaşının ağzından öpməyə və sonra sağ əlini yuxarı qalxızıb bir neçə dəfə ucadan dedi: – Ax, ax! Eşidirsənmi, Hayastan? Eşidirsənmi hayreq? Eşidirsənmi, yenxibarq, flan, flan, flan… Mən yəqin etdim ki, bu qız dəlidir. Amma sonra dəliliyindən də bir şey başa düşmədim. Yəni heç bir şey başa düşmədim. Sözün doğrusu, qulaqlarım taqqıldadı. Amma bircə şey yadıma düşdü: Ax, keçən günlər!.. Uşaqlıqda bir gün bibimgilə qonaq getmişdim. Bibigəlnim Hürinisə əmigəlnim Nurcahanla söhbət edirdilər. Heç yadımdan çıxmaz. Burası yaxşı yadımdadır ki, Nurcahan Hürinisədən bu tapmacanı soruşdu: O nədi ki: Gündə döyür atası, Alar başına tası. Abbasını iki şahı bilib xərclər, İki şahını da abbası. Hürinisə bir az fikir edib, sevincək cavab verdi: – A qız, o müsürman arvadıdı da! Başına kül! Ax, keçən günlər, nə gözəl imişsən!.. İndi dəxi nə gözləyirsən, ey könül, savayı qəmdən və qüssədən? Ta keçəl-küçəllər oldu indi yarın, ey könül, Qarə oldu yar əlindən ruzigarın, ey könül. Yüz cəfa gördün, vəli bir gəz kifayət etmədin, Hər sifatından xəcilsən nazlı yarın, ey könül. Nə ümid ilə genə millət sənə vermiş fərib Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül? Küçələrdə görmüsən yoxsa ki, vel, lüt, bambılı, Toxtamır hər gün genə bir ahü zarın, ey könül? Aldı əqlü huşini bitlər və çirki millətin, Getdi əldən yox yerə məcmui varın, ey könül. Qırmızı saqqalə qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim ixtiyarın, ey könül. Söylədim quli-biyabanidən əl çik, çəkmədin, Axırı məcmuəbazlıq oldu karın, ey könül. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 sentyabr 1906, №24 * * * Cavab Əhməd bəy Ağayev cənablarına (Müştəri məsələsi) Cənab Əhməd bəy! Möhtərəm “İrşad” kaspisində “Həyat”ın bağlanmağından söhbət açıb, müsəlmanlardan giley edirsən ki, qəzet oxumağa meyil etmirlər. Yazırsan ki, mədəni millətlərin hədsiz qəzetləri və məcmuələri var və hər bir qəzetin hədsiz və hesabsız müştərisi var. Yazırsan ki, bütün İran aləmində bir dənə gündəlik ruznamə yoxdur və Qafqaz müsəlmanları iki dənə qəzeti saxlaya bilmirlər və bunların hamısından sonra yazırsan ki, bu əhvala səbəb, əvvəla, mollalardır və saniyən “Molla Nəsrəddin”. Mən öz tərəfimdən və əgər mollalar da istəyirlərsə, onların da tərəfindən və mollalardan savayı, hətta, hacı, məşədi, xan, bəy – ta nə başını ağrıdım, – cəmi müsəlmanların tərəfindən lazım gördüm sənə cavab verim. Deyirsən ki, müsəlmanlar qəzet oxumağı özgə millətlər kimi xoşlamırlar. Qardaş, müsəlmanlar başlarına nə daş salsınlar? Siz qəzetdə nə yazırsınız ki, müsəlmanlar oxuyub xoşlasınlar? Bax, elə bu saat “İrşadı”ın köhnə nüsxələrinin birini əlimə alıb, diqqətlə mütaliə edirəm. Görək nə yazılıb? Bəli, nömrə flan. Sonra abunə olmaq şərtləri, flan (əlbəttə, pul söhbətidir, bunu hamıdan başda yazacaqsan). Sonra iri xətlə yazırsan: “İrşad”. Hürriyyət, müsavat, ədalət”. Hələ hürriyyət və ədalət qalsın, bu barədə danışmayaq; çünki indiki zəmanədə eyibdir belə sözləri danışmaq. Müsavatdan bir qədər söhbət eləyək. Hələ “müsavat” nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş yendirsə, xan da kəndliyə yendirsin? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın ayağına duranda, o biri gün də ağa rəiyyətin ayağına dursun? Di cavab ver! Əgər desən “hə”, onda mən gərək elə başa düşəm ki, zarafat eləyirsən. Əgər desən “yox”, onda ta nə “müsavat”bazlıqdır? Əhməd bəy, vallah, zarafat eləyirsən! Heç, bir mənə de görüm, bircə dəfə ömründə görübsənmi ki, bir kəndli dalında bal küpəsi, bir əlində bir dəstmal yumurta, o biri əlində beş-altı toyuq-cücə qan-tərin içində, cırıq-mırıq paltarda, piyada, ayaqyalın gələ mülkədarın qapısına, balı və yumurtanı qoya xanımın qabağına, toyuqları verə nökərə və bir dənə qırmızı xoruz tuta balaca ağanın qucağına və bu heyndə xan çıxa balkona və kəndli xanı görcək ikiqat əyilib salam verə… Mən ölüm, Əhməd bəy, lotu-lotuyana mənə bir de görüm, heç görübsən və eşidibsən ki, xan kəndlinin salamının cavabında ona deyə: əleykəssəlam? Mən bu cür işləri çox görmüşəm. Mən görməmişəm ki, bal, yumurta, xoruz – bunlar öz qaydası ilə, amma həmişə kəndli salam verəndə, xanlar və ağalar deyiblər: “Cəhənnəm ol!” Bu belə. Sonra keçək qəzetin məzmununa. Başdan bir neçə elandır (əlbəttə, pul olan yerdə elan da başa keçər; hələ bəlkə ilan da başa keçər). Elanların biri, məsəla, budur; Peterburq ünas tibb darülfunundan ikmali-təhsil etmiş təbibə Əminə xanım Bahadırşahzadə naxoşları qəbul edir: flan, flan… Belə şeyləri qəzetdə yazmağın bəs deyil, hələ deyirsən müsəlmanlar qəzet oxumurlar. Çox əcəb! Elə bircə qalmışdı ki, övrətlər gedib, həkimlik dərsi oxuyub, naxoşlara müalicə etsinlər! Bir yandan deyirsən “Əminə xanım”, bir yandan da “darülfünun”. Vallah, başa düşmürəm. Müsəlman arvadının adı çəkiləndə həmişə mənim yadıma saqqız çeynəmək düşür. Qərəz. Hələ keçək o üzə. Teleqraf xəbərləri: Paltava. Kəndlilər müttəfiq olub, Vasilyev adlı mülkədarın imarətinə od vurub yandırdılar. Belə-belə yalan xəbərləri yaza-yaza, hələ müsəlmanlardan da giley edirsən ki, qəzet oxumurlar. Belə sözlərə necə inanmaq olar? Bizim rəiyyəti inandırmaqmı olar ki, bu xəbər doğrudur? Barı yazırsınız, elə bir xəbər yazınız ki, ağla sığışsın. Əgər yazsanız ki, mülkədarlar müttəfiq olub, kəndlilərin evlərini dağıtdılar – o vaxt, bəli, mən də inanaram, bizim kəndlilər də inanarlar. Çünki belə işlər bizim vilayətlərdə hər gün ittifaq düşür. Keçək xarici xəbərlərə. Şimali Amerikanın müttəfiq məmləkətlərinin cümhur rəisi… flan, flan… Sən Allah, insaf elə, Əhməd bəy: biz hara, Amerika hara? Və bizə nə dəxli var cümhur rəisi nə elədi ya nə eləmədi? Bunlar qurtarandan sonra axırda yenə elanları düzübsən bir-birinin yanına. Məsəla, elanların biri bu məzmundadır: Elan (Məmaliki-osmaniyyə üçün) Təbrizdə satılır ucuz qiymətə xəfiyyələr (yəni hökumət şpionları). Xahiş edənlər Təbrizdə Nasir Nizam idarəsinə müraciət buyursunlar. Ax, ax! Yazığım gəlir gününüzə, ay müsəlmanlar! Belə-belə yalan-palanları qəzetlərdə yazıb, hələ sizdən giley edirlər ki, qəzet oxumursunuz. Elanların biri də budur: Elan Cəncədə flan küçədə müsəlman içində əvvəlinci şərabçı dükanı. Ax, ax, ay müsəlmanlar! Can cilvələnir qaməti-mozunu görəndə, Dil tazələnir arizi-dilcunu görəndə. Zənciri-cünuna bir-yüz rəğbətim artar – Dərviş Ağabaladəki əfsunu görəndə. Pərpiç oluram hər dəm oda düşmüş ilan tək Ol arizi-murdardə geysunu görəndə. Gəlmişdim edəm sürməli çeşmində müdara, Ağzım sulanır qarpız-qavunu görəndə. Xunxarlığı eyb deyil nərgisi-məstin, Hər kim ola qaynar qanı meymunu görəndə. Ey əhli-hünər, cəm deyil şair həvası, Eyb eyləmə şeirindəki məzmunu görəndə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 sentyabr 1906, №25 * * * Şirin rusi danışan Bu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər: Rus – Nu, master, kak pojivayete? Bənna – İslavo boq xoroşi. Rus – Ya jivu ploxo. Patomu u nas v Rossii istraşno bezporyadki. Bənna – Maya iznayim ki, vot vaşi padşah iskazal qamzum yaman çalavert və qamzum poşolt arabatay, Molla Nəsrəddin adin qazet pişi orda basmatiri, amma ki, ay, ay, ay mojno vaşi padşah iskazalım, sən özün poşolt. Yesli mojno dumaye çto xoçim davay. Yesli ne budit dumay edə qarmaqali arabatay, sən də mənə vot maqlaşka davay, basmotrim çevo budit. Adin məsəl yest musalmanski ki: Əgər xər nəyayəd bənəzdik bar, Tü bari-kiranra benəzdi –xər ar. Vot eşşək tavar nixoçiş, vot tavar eşşək davay. Rus – Ah, ah, ah, verno, verno, master, – deyib getdi. (İdarəyə bir belə rusi bilən lazım olursa buyuruz). Dəli “Molla Nəsrəddin”, 22 sentyabr 1906, №25 * * * İranlılara Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən. Dedim: – Nədir dəlilin? Cavab verdi ki, bizə məcmuəndə çox sataşırsan. Dedim: – Əzizim bə kimə sataşım? Cavab verdi ki, firənglərə sataş, ingilislərə sataş, amerikalıların eyiblərini yaz, Şvetsar camaatına dolaş. Dedim: – Baş üstə, dəxi bundan sonra iranlı adı dilimə gətirmənəm. – Amma dostumdan ayrılandan sonra söz verməyimə peşman oldum; çünki çoxdan fikrimdə var idi bir əhvalat yazam, bu da iranlılar barəsindədir. Hərçənd dostum yenə məndən rəncidə olacaq, amma çarəsi yoxdur. Bəli, keçək mətləbə. Bakıda İran uşaqları üçün təzə bina olunan “İttihad” məktəbinin güşadında camaat uşaq kimi başladı ağlamağa. Bu sözü eşidəndən məni böht aparıb: bilmirəm inanım bu xəbərə, ya inanmayım. Məktəbin güşadına şad olmaq lazımdır mən biləsi, nəinki təəssüf edib qəmgin olmaq. Çox təəccüb: iranlı – ağlamaq? Bu iki məna bir-birilə uymur. Söz yox ki, nəhayətsiz şadlıqdan da ağlamaq mümkündür; onda da gərək belə başa düşək ki, iranlılar məktəbin açılmağına o dərəcədə şad oldular ki, başladılar ağlamağa. Doğrusu, bu da ağla sığışmır. Bircə burasını mən başa düşə bilmirəm ki, bəs indiyə kimi harada idilər bu gözyaşları?! Harada idi bu gözyaşları, İran məmləkəti qeyrətsiz hakimlər, biar vəzirlər və bimürüvvət ruhanilərin bərəkətindən əcnəbi hökumətlərə pamal olanda?! Harada idi bu gözyaşları, Təbrizdə dul övrətlər, yetim və fəqirlər torpaq yeyəndə?! Harada idi bu gözyaşları, Tehranda hürriyyət mücahidlərinin qanları küçələrdə su yerinə axanda?! Hanı mənim iranlı dostum ki, mənə deyir iranlılara sataşma. Qoy bir gəlsin mənə cavab versin görüm, harada idi o gözyaşları?! Mən səni elə bilmirdim, ey iranlı dostum! Mən gözləyirdim ki, sən mənə deyəcəksən: ay Molla Nəsrəddin, sən nə yaxşı kişisən!.. Mən eylə bilirdim ki, mənə yar olacaqsan, Aləmdə mənə yari-vəfadar olacaqsan! Mən eylə xəyal etmiş idim ah, bəradər! İranda olan qəmlərə qəmxar olacaqsan! Dərdi-dilimi anlamayıb, zərrəcə axır, Məndən nə bilim kim belə bizar olacaqsan! Biçarə vətən tarü qaranlıqda qalanda, Əğyarə gedib şəmi-şəbi-tar olacaqsan! Söz verməz idim mən sənə, ey dusti-dilazar, Bilsəydim əgər boylə dilazar olacaqsan! Sərməsti-meyü mütrübü tiryaksən indi, Bir vaxt ayılıb axiri huşyar olacaqsan! Məğrursən indi, xəbərin yoxdur özündən, Əldən vətənin getsə xəbərdar olacaqsan! Xar elədi qəflət səni əğyar yanında, Yatdıqca bu qəflətdə yenə xar olacaqsan! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 sentyabr 1906, №26 * * * İran fəhlələrinin pulu hara gedir? Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim. Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər. Mən bunlara yavıq gedib, tamaşa edərdim. Bunların ciblərindən və dəstmallarından çıxan çox vaxt bu cür şeylər olardı: iki dənə qurumuş lavaş, qara saplı bıçaq, çaxmaq və çaxmaq daşı, çubuq, tənbəki və kisə, iynə, sap və pul kisəsi, içində üç şahı, iki dənə üç qəpik və iki dənə iki qəpik qara pul, iki abbası, iki dənə üç şahı və bir dənə manat gümüş pul, cəmi eləsin bir manat 95 qəpik. Bəzi fəhlənin şeylərinin içində bunlardan savayı olardı üç arşın yarım qırmızı çit, bəzinin olardı balaca ayna, bir parasının şeylərinin içində olardı təpəsi qırmızı uşaq börkü, bir para Rusiyət mıncığı ki, beş dəsti bir qəpik tutur. Xülasə, şeylərnən işim yoxdur; amma pulları iki manatdan artıq olmazdı. Bunların bir parası ilə mən çox vaxt söhbət edərdim; məsəla, deyərdim ki, “nə qəsd ilə İrandan Rusiyaya gəlibsiniz?”. Cavab verərdilər ki, “əhli-əyalımız İranda acdırlar, “gəlmüşüx” onlara çörək pulu qazanaq”. Mən soruşardım: – Nə səbəb əhli-əyalınız acdırlar? Cavab verərdilər ki, “bunu bizdən soruşma, İranın “üləma” və “hakim”lərindən soruş”. İran fəhlələri Rusiya məmləkətində gündə bir manat, manat yarım və bəlkə iki manat muzd alırlar. Hər bir fəhlənin xərci gündə altı qəpiklik çörək, bir qəpiklik penir, otuzaltı qəpiklik qovun ya qarpız və bir qəpiklik tənbəkidir ki, cəmi eləsin qırx dörd qəpik. Bəs fəhlələr qazandığı pulların qalanı hara gedir? İndiyə kimi heç kəs mənim bu sualıma cavab verə bilməyib. Axırda gəlib çıxdım Tiflisə. Amma yaxşı ki, gəldim. Çünki Tiflisə gələndən sonra başladım yavaş-yavaş bir para sirlərdən agah və bir para mətləblərdən xəbərdar olmağa. Bir gün bir Allah bəndəsi məni küçədə fikirli görüb dedi: – Molla Nəsrəddin, bilirəm nə fikir eləyirsən. Dedim: – Necə? Dedi: – Fikir edirsən ki, bu İran fəhlələrinin pulu hara məsrəf olunur? Dedim: – Bəli. Allah bəndəsi yapışdı mənim əlimdən və çəkə-çəkə apardı Qudoviç küçəsinə (Tiflisin mötəbər küçələrindəndir). Bir böyük və gözəl imarətin qabağında durub, mənə dedi: – Bilirsənmi bu imarət kimindir? Dedim: – Xeyr. Rəfiqim başladı ki, bu imarət cənab müstətab əcəllü Əşrəf Ərfəüddövlənindir. Dedim: – Kimdir Ərfəüddövlə? Cavab verdi ki, “bu vücud dövləti-əliyyeyi-İranın İstambul səfirikəbiridir”. Dedim: – Çox əcəb, bunun mətləbə nə dəxli var? İstanbul hara, Qafqaz və Rusiyada işləyən İran fəhlələri hara? Yoldaşım başladı nağıl eləməyə: – Əmrini-rövşənzəmir Mirzə Rza xan cənabları on-onbeş il bundan irəli müinul-vüzəra rütbəsində, general-konsul məsnədində Tiflisdə iqamət buyururdular. Həmin imarət “taci-sərimiz”in haman vaxt vətən və millət yolunda göstərdiyi xidmətin yadigarıdır və bu imarətdən savayı “ağa”nın Barjomda və qeyri yerlərdə dəxi əla mülkləri vardır. Dedim: – Bəli. Rəfiqim başladı: – Həmin gördüyümüz imarətin qiyməti əqəllən olar əlli-altmış min manat. Dedim: – Bəli. – Və qalan əmlakı bir-birinin üstündə hesab etsək, cəminin qiyməti iki yüz min manata çatar. Dedim: – Çox əcəb. – Tiflis konsulunun dövlət tərəfindən təyin olunduğu məvacibi, hər bir özgə xərclərindən savayı, ayda yüz iyirmi manat və ildə min dörd yüz manatdır. İki yüz min manat yüz əlli konsulun məvacibidir; yainki bir konsulun yüz əlli ilin müddətində aldığı məvacibdir. Bəs üç-dörd il konsulluq eləməklə nə cür iki yüz min manatı cəm etmək olar? Dedim: – Bilmirəm. Sonra yoldaşım yapışdı əlimdən və yenə çəkə-çəkə apardı Alekseyev küçəsinə və bir imarət nişan verib dedi ki, “bu da flan xanın mülküdür ki, indi flan şəhərdə konsulluq xidmətindədir”. Sonra rəfiqim yenə məni dolandırmaq istədi, amma mən dəxi yorulmuşdum və dostuma dedim: – Əzizim, bu imarətlərə yox yerdən sahib olmaq üçün tək bircə vasitə var. Həmin vasitəyə farsi kitablarında deyirlər: “Tətavili-yəd” və türki kitablarında deyirlər: “zəlilik”. Yoldaşım başa düşmədi. Dedim: – Barama qurdu. Yenə başa düşmədi. Dedim: – Hörümçək, cəllad, quldur. Dedi: – Başa düşmürəm. Dedim: – Əgər başa düşmürsən, gələn nömrədə səni başa salaram. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 oktyabr 1906, №27 * * * İbrət qalanlara Bir böyük adam bizim Aşqabadda naxoş idi, mən getdim ona baxmağa. Evə daxil olub oturmuşdum ki, gördüm Əzrail varid oldu, mənə baxıb bir güldü, bu adamın başı üstündə oturub qəbzi-ruh buyururdu. Bu halda o adam mənə dedi: bəs niyə mən belə ölürəm? Mən dedim, dinmə, kəlmeyi-şəhadətin de, kəlmeyi-şəhadətini demədi, amma ölən adama bu sözü dedim: Qəd ətəlmövt yığışdır ta büsatın bir görüm, Duzəxə çöndər üzün həm cənnətə dalın görüm, Aldığın rüşvətləri bəxş eyləyəsən Əzrailə, Çarəsi yoxdur, əzizim, söylə halın bir görüm. Ay bəri bax, bəri bax, Dön bəri bax, bəri bax. Qərəz ki, Əzrail əleyhüssəlam bunun canını aldı və mənim yuxarıda dediyim kürdi bayatı ki, o naxoşa təsəlli verirdim. Əzrailə xoş gəldi, mənə dedi ki, gədə, sən nə xoşdamaq adamsan, gecə bunun ruhunu gətirrəm sizə, bir xəlvət yerdə oturax, bir az təfrihi-dimağ eyləyək. Mən dedim ki, çox yaxşı hazıram. Gecə mənzildə oturmuşdum ki, gördüm damdan bir parça nur düşdü və Əzrail idi, cibindən çıxardıb şah-nəfir tərkibində bir şeyi yerə qoydu, gərək ki, görmüş olursuz, İranda hər kəsin evində divara vurulan coğrafiya kartının əvəzinə bir şəkillər var ki, Əzrail Şəddadın canın alır, bə eynə ona oxşar idi, başın açıb mənim qabağıma qoydu və naxoş adam məni gördü, sərasimə mənə dedi ki, bunun əlindən məni qurtar, varyoxumu ver buna getsin. Əzrail çox bu sözdən güldü, çün mən şah-nəfirdən qorxurdum, üzümü onun ruhuna tutub bircə bunu dedim və qaçdım: Bəsdi dəxi cənab, sür dərəyə humarun, Fironluq qurtardı, qalmadı iqtidarun. Bas bayıra səbətin quyruğunu qoy günə Çək qəmişin, getgilən özün və balaların. Dəmhayi-xoş nəva bebin Təzəbətazə nobəno Və Əzrailə dedim: in süxən begüzar ta vəqti – digər. Dəli “Molla Nəsrəddin”, 6 oktyabr 1906, №27 * * * “Rəhbər” Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır. Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar. Kim bunu deyir? Bu sözlərin əsilsiz və mənasız olmağına əvvəlinci dəlil budur ki, islam aləmində bircə dənə məktəbə oxşayan məktəb və kitaba oxşayan kitab yoxdur; amma bununla belə yer üzündə müsəlman milləti frəng, ingilis, alman, rus, yəhudi, erməni, Yaponiya – müxtəsər cəmi millətlərdən çoxdur. Kim bunu dana bilər? Bu belə. Sonra görək “Rəhbər” nə deyir: Bunların hamısını nəzərə alıb biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış tərbiyə və təlim üsulunda, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik və cənab Molla Nəsrəddindən çox təvəqqə edirik ki, Bakıya bir dənə cindar göndərsin; çünki bu yavıq vaxtlarda bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyib, danışırlarsa, həmin cin gedib qaradovoya, qubernatora, spextor ağaya xəbər verir; yəni bəistilahi rus şpionluq eləyir. Möhtərəm “Rəhbər”in bu təvəqqəsini biz indilikdə əmələ gətirə bilmərik; çünki bizim ixtiyarımızda əvvəl-axır iki cindar var: birini göndərmişik Şuşa qalasına ki, qoymasın orada mollalar qəbristanda Quran oxumaq pulu üstündə bir-biri ilə yumruqlaşıb erməniləri öz üstlərinə güldürsünlər, ikinci cindarı göndərmişik Təbrizə. Sonra “Rəhbər” yazır: “Öhdəmizə götürdüyümüz belə bir vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz və o ümiddəyiz ki, səyimiz bihudə getməz”. Bəli, bihudə getməz. Mən əvvəl elə bilirdim ki, bihudə gedəcək, amma Bakı müsəlmanlarının oktyabrın 3-də vaqe olan üçüncü ictimaində söylənən gözəl nitqləri eşidəndən bəri mən də yəqin edirəm ki, inşallah səyiniz bihudə getməz. Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm, abunə pullarını sevgili “Rəhbər” harada saxlamaq istəyir; yəni hansı bankda, ya hansı xəzinədə? Çünki mən eşitdiyim budur ki, Bakı bankları və dövlət xəzinəsi “İrşad”, “Həyat” və “Dəbistan”ın pulunu qəbul edəndən sonra dəxi yer olmamağa görə özgə pullar götürmür. Tiflisə də umud bağlamaq olmaz; çünki burada da “Molla Nəsrəddin” var. Qərəz… pənah Allaha! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 oktyabr 1906, №28 * * * Oruc yeyənlər Orucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənlərə. Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır. Zəhrimar olsun bir tikə çörək ki, insan onu qorxa-qorxa oğurluğunca yeyəcək: az qalır ki, adamın burnunun dəliyindən qayıdıb gəlsin. Mən çox adam görmüşəm ki, orucunu yeyən vaxt uzaqdan bir mömin müsəlman görən kimi çörək qalıb boğazında, az qalıb boğulsun. Bir neçə il bundan irəli mənim tanışlarımdan birisi orucluqda küçədə papiros çəkən vaxt görüb ki, əmisi gəlir: biçarə qorxudan özünü itirib, papirosu odlu-odlu basıb ağzına. Binəvanın ağzı yanıb yara oldu və iki ay həkim yanına gedib müalicə etdirdi. Oruclarını yeyənlər üç qismdirlər: Bir qismi utancaq, avam, qorxaq, məzlum və biçarə adamlardır: hamıdan artıq yazıq gəlməli bunlardır. Bunların bir parası məşədi, müsəlman dərsinin müəllimləri, Ruseti az-çox gəzən cavan tacirlər və bir cür təzə rusca oxuyan həyalı müsəlmanlardır. Bunlara mənim hamıdan artıq rəhmim gəlir, çünki orucu asan vəchlə yeməyə bu bədbəxtlər heç vaxt bir vasitə tapa bilməyiblər. Görürsən səhərdən günortaya qədər acdırlar. Əvvəl bunların bəzini papiros koruxdurur və görürsən bəhanə üçün bir aftaba tapıb özlərini verdilər xəlvətə. Günortadan iki-üç saat keçəndən sonra aclıq başlayır bunlara kar eləməyə. Biçarələr o tərəfə vurnuxurlar, bu tərəfə vurnuxurlar, əllərinə bir şey düşmür. Gah dəlidivanə kimi dolana-dolana gedib görürlər ki, aşpazxanada axşama plov pişirirlər və tavada soğan qovururlar. Soğanın qoxusu dəxi yazıqları bihuş edir. Görürsən bunların bir parası axırda labüd qalıb, gedib pişiyin qabağından gecədən qalmış sümüyü xəlvətcə götürüb qoyurlar ciblərinə və bir gizlin yer tapıb başlayırlar gəmirtdəməyə. Bir parası da taxçanın bucağından bir tikə pəndir qırığı, quru çörək xırdası, ya heç olmasa ölüşkəmiş alma və ya qovun qabığı, qarpız toxumu tapıb tələsik basırlar ciblərinə və başlayırlar aftabanı axtarmağa. Oruc yeyənlərin ikinci bir qismi özgə cürdürlər. Zalım oğlu zalımlar bircə tikə özlərinə korluq verməzlər və yemək vaxtı yetişəndə elə bir bijlik ilə xörək tarıb yeyirlər ki, şeytanın da xəbəri olmur. Bunların bir parası məşədilər və bir parası rus dərsi oxumuş cavanlardır. O ki, rusi oxumuşlardır, bunlar rus tanışlarının evlərinə gedib asanlıq ilə günlərini keçirirdilər. O ki qaldı məşədilər, bunları çoxu bu cür eləyir: bir parası alış-veriş bəhanəsi ilə başlayırlar səfər eləməyə. Məsələn, mənim tanışlarımdan bu saat Tiflisdə on yeddi məşədi var: bunların on ikisi Bakıdan, biri Şamaxıdan, ikisi Naxçıvandan və ikisi İrəvandan gəliblər və rəməzanın ikinci günü hamısı birdən Tiflisə varid olublar. Hərçənd deyirlər ki, gəlmişik mal almağa, amma yəqin edirəm ki, bu qədər xərc çəkib və əhli-əyaldlarını buraxıb Tiflisə gəlməkdə bunların qəsdi məhz orucluğu Tiflisdə qalıb başa vurmaqdır. Bu qisim oruc yeyənlərin çoxusu yalandan özlərini naxoşluğa vurub yorğan-döşəyə düşürlər. Adam göndərirlər urus həkimi gəlir və naxoşdan soruşur ki, nəyin ağrıyır? Naxoş cavab verir ki, ürəyim ağrıyır. Həkim deyir ki, gərək filan davanı gündə üç dəfə yeyəsən. Naxoş yalandan cavab verir ki, yeyə bilmənəm, orucam. Həkim “çto, çto?” deyib başını bulayır və deyir ki, davanı yeməsən ölərsən. Naxoşun anası düşür təşvişə və axırda aş pişirib öz əlilə yedirdir oğluna. Naxoşluq harda, zad harda, tamam bijlikdi. Nağıl edirlər ki, Danabaş kəndində şkola müəllimlərindən bir müsəlman uşteli orucluqda günorta vaxtı samovarı stol üstə qoyub, çayı dəmləyib istəyir içsin. Bu heyndə haman kəndin mollası pilləkanlardan başlayıb yuxarı çıxmağa. Cavan qız qalxıb samovarı qoyur kitab şkafına və qapısını örtür. Molla içəri girib əyləşir, amma samavarın da səsi gəlir. Cavan başlayır əvvəl ucadan danışmağa, amma genə söhbət arasında hərdən samovarın səsi gəlir. Molla birdən qulağını səsə verib soruşur ki, bu nə səsdir? Uştel deyir ki, deyəsən yağış yağır. Molla tez ayağa durub əlini uzadır uştelə və “mərhəba, mərhəba” deyə-deyə soruşur: indi necədi, bundan sonra genə yuxuya inanmayacaqsan? Mən bu gecə yuxuda gördüm ki, yağış yağır. Mənim vaqeəm həmişə çin olar. Bir qədər söhbətdən sonra yağışın səsi kəsilir və molla çıxıb görür ki, yağış yağmayıb, bir az durub baxır və yuxusunu və otaqda eşitdiyi yağışın səsini yadına salıb mat qalır və dinməz-söyləməz evinə gedir. Üçüncü qisim oruc yeyənlər bir para lotular və şapkalı abrozovannı müsəlmanlardır. Bunlar da bərəks həmişə axtarırlar bir elə yerdə oruclarını yesinlər ki, hamı bunları görsün. Demək ki, oruc yeməyi bu qisim adamlar özlərinə bir cür igidlik bilib, bir tövr fəxr edirlər. Görürsən bir obrazovannı müsəlman ruslardan bir tanışını görüb gəlib durur bunun yanında, papirosunu çıxardıb başlayır çəkməyi. Rus heç bir söz demir, çünki o heç bilmir indi orucluqdumu və papiros çəkmək olar ya yox. Cavan papirosunu yandırıb üzünü rusa tutub soruşur: Bilmirsənmi indi orucluqdu? Rus deyirbilmirəm. Müsəlman başlayır rusu başa salmağa ki, indi orucluqdu və müsəlmanlar papiros çəkməzlər. Rus soruşur bə sən niyə çəkirsən? Cavan bir az döşünü qabağa verib deyir: mən abrazovannıyam, mənə yaraşmaz oruc tutmaq. Bunlar hamısı keçəndən sonra oruc yeməyin müsəlmanlar üçün tək bircə xeyri var: həmişə ramazan ayında müsəlmanlar bir-birindən baxəbər olurlar: məlumdur ki, oruc yeyən həmişə gözdə-qulaqda olur ki, bir molla ya hacı görəndə ehtiyatlı olsun və oruc yeməyini büruzə verməsin. Molla və hacılar da həmişə güdürlər ki, görsünlər kim orucunu yeyir. Demək ki, bunlar onları axtarır, onlar bunları. Aşkardır ki, bu işlərin hamısı bais olur müsəlmanların ittihad və ittifaqına. Orucluqda heç olmaz ki, bir cavan o biri cavanın yanına gəlib soruşmasın: “Həsən bəy, orucsan?”. “Əlbəttə orucam”. “Ay sən öləsən”. “Vallah orucam”. “Ay meyidini görüm”. Hətta Tiflisdə Qolovinski küçədə də bu cür söhbətləri eşitmək həmişə mümkündür. Görürsən, bir gürcü bir gürcü ilə danışır: “Vaso, bu gün bizim keşişlərin məclisində idareyi-ruhaniyyəmizin barəsində filan keşişin nitqi gözəl idisə də, mən onun bəzi mülahizələrinə şərik deyiləm, çünki müşariləeyhin rəyinin bir para nitqləri hürriyətietiqadi-vicdanə ziddir” Amma bunların yanında iki müsəlman durub danışırlar: “Bu gün saat onda getdim “Bilviyo” bağında ləzzətnən zakuska elədim, heç bir müsəlman yox idi, abedi də Nikolay Pavloviçgildə elədim”. O biri cavan cavab verir: “Adə, ay bişüur, belə gödək günlərdə oruc tutmağa nə var: Vallah, mən bir tikə də acmamışam, amma bir papiros çəksəydim ölməzdim…”. Müsəlman aləmini indi bu halətdə görürük, sabah nə halətdə görəcəyik, onu da Allah bilir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 oktyabr 1906, №29 * * * Orucu batil eləyən şeylər Mərvdə cənab mövlana hacı Məhəmməd Bağır ağa hər gün məsciddə minbəri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min peyğəmbərə and içə-içə camaatı inandırır ki, qəzet oxumaq orucu batil elər. Mən biləsi bu məsələyə diqqət eləmək lazımdır. Tutaq ki, Lənkəranda sərçeşmeyi-ülumi-rəbbani fəxrül-üləma hacı Cabbar ağa Nəsirbəyovun müridləri bu günah əməldən uzaqdırlar; amma yenə oructutanlardan gah bir qəzet oxuyan mənim gözümə sataşır. Məgər bunlar yazıq deyillər?! Bəs bu məsələni açmaq lazımdır ki, hər kəs öz təklifini bilsin; yoxsa belə olmasa, yəqin ki, çox keçməz, Mərv məscidinin minbərinin kərpicləri “ağa”nın şapalaqlarının zərbindən uçub tökülər camaatın başına. Bu barədə mən, Molla Nəsrəddin, bir söz danışmayacağam. Mən onu bilirəm ki, mənim sözüm camaat içində bir pula getmir! Mən bilirəm ki, camaat məni kəmetiqad hesab edir: söz yox, o qədər tas quran, fal açan və ilan oynadanlara lağ elədik ki, axırı bu günə düşdük. Bəs mən, Molla Nəsrəddin, oruc tutanların qəzet oxumağı barəsində bir söz danışmayacağam; amma, görək, özgələr nə deyirlər? Rusiyada çıxan müsəlman qəzetləri və habelə qonşumuz “İrşad” bu barədə çox sözlər danışıblar. Amma mənim bunlarnan da işim yoxdur. Keçək Təbrizə və gərək islam aləminin mərkəzi və üləmanın mədəni hesab olunan şəhərdə çıxan “Ədalət” ruznaməsi bu barədə nə deyir? Həmin ruznamə 18-ci nömrəsində üzünü tutub müsəlmanlara və bir neçə şey onlardan soruşur. Ruznamə soruşur: “Ay müsəlmanlar, mən ölüm, lotu-lotuyana deyin görüm, hansıdır orucu batil eləyən şeylər? Əvvəla, deyin görüm ruznamə oxumaqmı orucu batil elər, ya adam öldürmək, qumar oynamaq, mərdümazarlıq, rüba yemək, şeytançılıq, oğurluq, cibgirlik, dəstəbazlıq? Əgər bu saydığımız əməllər orucu batil eləyirsə, bəs dəxi nə səbəbə islam aləminin yüz hissəsinin doxsan doqquz hissəsi nahaq yerə zəhmət çəkib, oruc tuturlar? Əgər eləmirsə, ta ruznamə oxumaq nə səbəb batil eləsin və halonki biçarə ruznamə yazanlar millət və insaniyyət yolunda gözlərinin nurunu töküb, axırda “lənət”dən savayı bir şeyə sahib olmurlar. Saniyən, deyin görüm, qəzet oxumaqmı orucu batil elər, yainki minbərin üstə çıxıb, min gunə yalanlar və büzurgüvar peyğəmbərimizin və əimmeyi-ətharın barəsində yüz min cür iftiralar demək? Əgər həmin yalanlar və iftiralar orucu batil eləyirsə, bəs dəxi nə səbəbə islam aləminin üləmasının yüz hissəsinin doxsan doqquz hissəsi nahaq yerə zəhmət çəkib, oruc tutur və əgər eləmirsə, ta ruznamə oxumaq nə səbəbə batil eləsin və halonki ruznamələr yüz illərlə yatmış millətin və məmləkətin qulağına dirilik şeypuru çalıb, həmişə xalqı mövhumat və mühəmməlatdan xəbərdar və hal-hazırın ehtiyacatına və zəmanənin təqazasına vaqif etdirməkdədir. Salisən, deyin görüm, qəzet oxumaq orucu batil elər, yainki yetim və acizlərin malını əlindən alıb, qanlarını sormaq? Əgər bu işlər orucu batil eləyirlərsə, bəs nə səbəbə İranın hakimləri, üləması, Qafqazın ağaları və hacıları nahaq yerə zəhmət çəkib oruc tuturlar? Əgər eləmirlərsə, dəxi bəs ruznamələrin günahı nədir ki, həmişə politika meydanında qələm vurub, millətin və məmləkətin hüququnu gözləməkdə canfəşanlıq edib, əcnəbi millətlər içində öz millətinin üzünü ağ və başını uca eləməkdədir. Rabiən, deyin görüm, ruznamə oxumaqmı orucu batil elər, yainki şəriəti oğurlamaq? Əgər şəriəti oğurlamaq orucu batil edirsə, bəs niyə müsəlman aləmində zahid və fazil libasına girən zalimlər, cabirlər, xainlər, rəislər və alimnümalar minbərə qalxıb, ləğv və batil məsail, saxta əhadis və əxbar düzəldib, həmin məsail və əhadisin nisbətini, nəuzübillah, peyğəmbər və imamlara verib, bu vasitə ilə avamı cəhalətdə saxlayırlar? Və əgər şəriəti oğurlamaq orucu batil eləmirsə, dəxi ruznamə nə səbəbə batil eləsin və halonki camaatın bəsirət gözünü açıb, dostla düşmənini tanıtmaqdan savayı ruznamənin heç bir təqsiri yoxdur”. Molla Nəsrəddin öz tərəfindən: Mən qabaqca ərz elədim ki, bu barədə mən bir söz danışmayacağam. Amma həmin məsələ ariz olandan indiyədək bəndəyə bir neçə kağız göndərib soruşurlar ki, nə səbəbə biz mollalar qoymuruq camaat qəzet oxusun? Mənim cavabım: Bunun tək bircə səbəbi var: vallah, billah, taallah, and olsun yerə, göyə, ulduzlara, bunun səbəbi məhz budur ki, camaat ruznamə oxumağa başlasa, dəxi biz mollaların bazarı kasad olacaq. Vəssalam. Qərəz… bunlar keçəndən sonra… bunların heç birindən mənim ağlım bir şey kəsmir. Qorxuram axırda heç bir şey çıxmaya. Qorxuram axırda ruznamə oxumaq da orucu batil edə, oruc tutmaq da ruznamə oxumağı batil edə. Bizim Qafqazda sazanda məclisində hərdənbir cür muğamat çalırlar. Birisi düşür oynamağa, oturanlar çıtmıq çalırlar, xanəndə də başlayır bu sözləri oxumağı: Dərədə yatmış idim, oyatdılar, oyanmadım, Burnuma tikanları uzatdılar, oyanmadım. Bomba, parthapartnan top atdılar, oyanmadım. Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım. Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım. Şəhrimizdən cəm olub cavanlar, naz ilən gəlib, Qumarbaz, uşaqbazlar matışkabaz ilən gəlib, Mar, meymun oynadan söhbətü saz ilən gəlib, Mütrübü xoşləhcələr pək xoş avaz ilən gəlib, Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım. Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti, Müsəlmanlar bir-birin qırdı unudub qeyrəti, Hər “gələn” alim olub, çapdı-taladı milləti, Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti, Burnuma tikanları uzatdılar, oyanmadım. Gördülər yuxlamışam, hər kəs sınadı gücünü, Atlı atın üstümə, qurbağa saldı qıçını, Hoppanıb Araz bu tay, yığıb dərənin bicini, Hiyləbazlar tutdular bütün Qafqazın içini, Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım. Biz fəqirə axırı rəhm eləyib biganələr, Açdılar mədrəsələr, klub, qiraətxanələr, Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr, Molla Nəsrəddin dedi hər həftə bir əfsanələr, Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 oktyabr 1906, №30 * * * Məclisi-milli Cənab Molla Nəsrəddin! Nömrə on səkkizdə məclisi –məşvirətdə – olan cənabların şəmayili-mübarəkini çəkib nişan vermisiz və zimnidə əcəlli-mərifətləri dəxi məlum olunub. Vəli bəzi əşxas çoxdan çox talibdir ki, siz o məclisin əczasının ismi-mübarəklərini yazıb və söhbətü məşvərəti-məclisi dəxi bəyan buyurasız məclisdə olan məşvərətlər bu vəz ilə idi. Cənab əczanın ismləri: Cənab Ximyazətül-üləma, Ağa Cəfər Dəbbağ, Ağa Məhəmmədhüseyn Səbbağ, Ağa Məhəmmədtağı Xəbbaz, Ağa Nəcəf Əttar və Ağa Sadıq Dəllak. Söhbəti-məşvərət Cənab Ximyazətül-üləma – Əuzübillahi minəşşeytanülləin ərrəcim, bismillahül-rəhmanür-rəhim... Cənab Ağa Cəfər Dəbbağ – Guya ki, məsələn, belə ki, girəm vəlov on ki sözgəlişi, xülasə, müxtəsəri-kəlam hər ongah məxsus, o necə deyər timasali – şayəd çinançe lazimədir hər ayinə əgər məsələtün, söz yox, girəm ki, hərgah əhyana, çünki gərək hansı ki, və lakin məgər və illa olmuş ola, məgər kaş ki, Allahü ələm, xudanəkərdə, elə ki, Allah eləməmiş, çox da olsa, bayəd, nə bilim, necə ki, şayəd ehtimal elə budur ki, bəlkə elədir ki, biduni – inki, o belə ki, eyb olmasın, çox da, hədsiz ki, leyk, vəlov, türk demişkən, həqiqətən, ələnən, leykin məsələdir ki, Allaha pənah ki, cənab ağayan... Ağa Məmmədhüseyn Səbbağ – Cənab Ağa Məmmədtağı Xəbbaz, çünki dünən gecə bir qədər öz qərari adətimdən xörəyi çox yemişdim və gecə lüt bir neçə dəfə eşiyə çıxdım, guya mənə soyux dəyib, əvvəl ki sərdəmağım tutulub və başım ağrır və gözlərim qaralır və zükam olmuşam, əhvalım nasazdır, sən buyurgilən, mənim həvəsim yoxdur... Ağa Nəcəf Əttar – Cənab ağayan hüzurunda bəndeyi-çakərin cəsarət eləməyim çox biədəblikdir. Haşa ki, mən dər hüzuri-tan tərki-ədəb konəm. Və dəhən baz gərdə və hərf zənəm ləb ziləb konəm. Asudə xərəm ki, zəban nədarəm Dər beyni – xəlayiq sud ziyan nədarəm... Ağa Sadıq Dəllak – bular hamısı düzələr, amma cənab Ağa Məhəmmədtağı Xəbbaz çünki kardılar, məclisin söhbətini eşitməklux onlara qeyr mümkündür, pəs lazımdır ki, bundan sonra sözləri ucadan deyək. Uca səslənən Ağa Sadıq Dəllak boylə nitqləri buyurdular ki, cənab Ağa Məhəmmədhüseyn Səbbağ sizə ki, soyux dəyibdir, siz sübh əzanı gəlin hamama bir qədər müştmal eləyin və ondan sonra hamamdan çıxıb yaxşı əba və kürkə bulalanıb evə təşrif aparın və bir yavan aş bişirsinlər, iç, yaxşı tərlə və vergilən uşaqlar bir neçə dənə küpə salsınlar və nahar vaxtı mən gəlib alnından bir badkeş qoyaram, yaxşı olur inşallah... Ağa Məhəmmədtağı Xəbbaz – həzərat, mən buraya gəlmağım və əczai – məşvərət olmağım budur ki, siz hər nə deyirsiniz deyin, mən də bəli deyəcağam, vəli çörək gərək hər batmanı yüz altun baha satılsın. Bəs, durax gedax daha bəsdir. Dəli “Molla Nəsrəddin”, 27 oktyabr 1906, №30 * * * Bir adam lazımdır Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar. Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu. Bir belə adam bizə lazımdı. Bundan savayı bizə bir adam da lazımdır: bir adam da lazımdır gedib dursun Arazın kənarında və İrandan bu tərəfə keçən bəzi vaiz və mərsiyaxanlara və təzə seyidlərə desin: mən ölüm, ülgücləri qoyun burada, sonra Arazı keçin. Bir belə adam bizə lazımdı: Bundan savayı bir adam da bizə lazımdı: Ağdamda hacı Qənbərvəli cümə günləri dükanı açır ki, guya toyuğu gəlib dükanda yumurtdayandan sonra dükanını bağlasın. Bu hiylə ilə hacı fürsət tapıb alış-veriş eləyir. Bir adam lazımdı ki, Ağdama gedib hacı Qənbərvəlidən soruşa: “Ay hacı, Allah atana rəhmət eləsin, necə heyifin gəlmədi o pullara ki, aparıb Ərəbistan biyabanında bədövilərə payladın?“. Bir belə adam bizə lazımdı. Sonra bir adam da bizə lazımdı. Tiflisdə ruhani rəislərimiz gimnaziyada oxuyan şiə-məzhəb müsəlman uşaqlarına deyirlər ki, siz sünnü mollasından dərs almayın. Bir adam lazımdı ki, gedib həmin ruhani rəislərimizə desin: “Ay qardaşlar, nə vaxt siz bəxtiqarə müsəlmanların içindən rədd olacaqsınız?“. Bu adamlardan savayı bir adam da bizə lazımdı, bu da qalsın sonraya. Hərdəmxəyal “Molla Nəsrəddin”, 3 noyabr 1906, №31 * * * Meymunlar Hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”. (Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib). Bəli, keçək mətləbə. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur? Mən indiyədək heç bir yanda görməmişəm ki, iki obrazovannı müsəlman bir-birilə görüşəndə müsəlmanca danışsınlar. Amma hökumətin qanun və qərardadlarının içində heç belə bir qərardad yoxdur ki, iki müsəlmanın bir-birilə müsəlmanca danışmağına mane olsun. Bəs bunu kim qoymur? Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi oxuyaq. Tutaq ki, bunu hökumət qoymur. Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir? Bir təbrizli Tiflisə gəlib bir həftə burada qalmaqnan adının axırına “of” qondarır. Məgər bunu da hökumət edir? Nə vaxt hökumət qaradovoy, ya pristav göndərib ki, get gör flan müsəlman oğluna nə ad qoyub və qızına nə ad qoyub və hökumət nə vaxt müsəlmanı məcbur edib qızının adını “Fatma” əvəzinə “Fatya” qoysun və oğlunun “Həsən” adını dəyişdirib “Qasanka” eləsin?.. Dil barəsində hökumət ermənilərə etdiyi rəftarın ondan bir hissəsini bizə etməyib. 1884-cü ildə bağlanan erməni məktəbləri ancaq bir neçə il bundan irəli açıldılar. Amma bununla belə heç kəs indiyə kimi görməyib ki, iki oxumuş erməni bir-birilə rusca danışsın. İndi gəl müsəlman aləminə. Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan: ağa evdə? Qız “Papa!” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, nə yekə qız olmusan?” Görürsən qız qaşqabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyəydin; Münəvvər dedin, acığı gəldi. Hətta axır vaxtda İran məmurları da yavaş-yavaş adlarını çöndərməyə başlayıblar: hakimi vilayəti-Ərdəbil Həsənquluxan Cəfərxanov, naibi qonsulgəriyi-Gəncə və Bədikubə dər qəryeyi Danabaş Mirzə Heydər Səlimxanov və qeyrə. İşlər bu sayaqdır. Axırda həmin “Qasanka”lar və “Varya”lar böyüyüb, məclislərdə başlayacaqlar haray təpib çığırmağa; “Ay aman! Qoymayın! Hökumət ana dilimizi öyrənməyə mane olur”. Bir vaxt Nuxada da “millətpərəstlər” məclislərdə bu cür nitqlər söylərdilər. Amma indi həmin millətpərəstlər cənab direktorlara və qubernatorlara təkyə edib, ana dilinin müəllimlərini qapazlayıb saldılar eşiyə. Bəli, əzizim, bu işlərin adına “Müsəlman işi” deyərlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 noyabr 1906, №31 * * * Danabaş kəndindən Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa… A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!.. Aha? Lotunun fikrinə bir şey gəldi… Ədə, bu yaponiyalılar vallah şeytandan da çox bilirlər, yerin altından da xəbərdardırlar, üstündən də. Görürsən rus gəmilərinin başına nə iş gətirirlər? Rəfiqin yadına düşdü ki, qiblə tərəfində bir məmləkət var, adı müsəlman məmləkətidir, çox genişlik, Allah bərəkət versin, nə cür yaşamaq istəyirsən yaşa, Allah min bərəkət versin…Xa xa xa, genə bu zəhrimar qoymayacaq sözümü qurtarım... Hərif qızı çığırda-çığırda gətirdi Arazdan keçirtdi və Xoy şəhərinə aparıb yendirdi düz mollanın qapısında… Xa xa xa, Allah şeytana lənət eləsin! Zalım oğlu zalım alman keşişinə bir kisə qızıl verirdi, amma mollaya yarımca manat verib işini düzəltdi, yəni kəbinini kəsdirdi və xudahafiz deyib düzəldi yola. Xa xa xa. Qərəz yaponiyalılar çox bicdilər, mən indi ancaq başa düşdüm ki, niyə bunlar müsəlman olmaq istəyirlər. Xa xa xa …xi xi xi xi, hı hı hı… ha ha ha ha… “Molla Nəsrəddin” 3 noyabr 1906, №31 * * * Mıncıq Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər. Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar. Hələ bunlar qalsın, bunlarnan işim yoxdur. Rəməzanül-mübarəkin iyirmi birində getmişdim məscidə. İrandan təzəlikdə təşrif gətirən Molla Nəcəfqulu vəz buyururdular. Mən qapıdan girən kimi cənab axunddan bu sözləri eşitdim: – Bəli, şeytani-məlun Allahın dərgahından qovuldu və onun erkək övladı çox idi, amma qız övladı bir idi və adına Tərtəbə xanım deyirlər və bu Tərtəbə xanım həmişə övrətləri aldadır və övrətlərə deyir ki, mollalara pul verməyin və bu Tərtəbənin özü də mollalara pul verməz və bu Tərtəbə xanımın sözünə baxan övrətlər də Tərtəbə xanımdılar. Allah Tərtəbə xanıma lənət eləsin! Allah onun sözünə baxan övrətlərə də lənət eləsin! Bu sözləri eşidəndən sonra biçarə övrətlər hərəkətə gəldilər və öz aralarında bir qədər pul yığıb, bir uşaq çağırdılar və pulları bir dəstmala qoyub, göndərdilər minbərin yanına. Bəlkə yazıq övrətlərin çoxusu bu pulları necə çətinliklə ələ gətirmişdilər ki, kişiləri qonaqlığa gedib, evə ət almayan günü pendirə verib, uşaqlarına yavanlıq eləsinlər. Ya bəlkə yazıq övrətlərin çoxusu bu pulları iki min zəhmətlə ələ gətirmişdilər ki, qapıya dərviş ya təzə seyid gələndə çıxardıb bunlara versinlər; ya uşaqları azarlayanda aparsınlar Zöhrə xalanın yanına və Zöhrə xala desin: “Uşağın burnunda çöp qalıb” və Zöhrə xala uşağı alsın qucağına və burnundan püfləsin, cəviz yekəlikdə bir noxud ya lobya, qarpız toxumu uşağın burnundan düşsün və uşağın anası haman cəm elədiyi pulları versin Zöhrə xalaya. Məsciddən çıxanda bir qırmızısaqqal kişi o biri qırmızısaqqal kişiyə deyirdi: – Maşallah olsun, Allah bədnəzərdən saxlasın, Molla Nəcəfqulu çox dərin molladır. Görürsən, şeytanın qızının adını bilir. Mən bir istədim haman qırmızısaqqal kişiyə deyəm: “A kişi, niyə bir o “dərin” molladan soruşmursunuz ki, o dediyi sözlər hansı kitabda yazılıb və kimdən rəvayətdir?”. Sonra öz-özümə dedim: “Bər nəyayəd zi göştəqan avaz”. Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində çılpaq dolanan vəhşi insanlar qızıllarını aldanıb Avropa lotularına verəndə yenə əvəzində iki qəpiklik mıncıq alırdılar; amma indi, iyirminci əsrdə görürsən ki, dünyanın bir səmtində adamlar az qalırlar ki, ölünü diriltsinlər, az qalırlar ki, şeytana papaq tiksinlər, az qalırlar ki, havaya uçub, aydan və ulduzlardan xəbər gətirsinlər, amma… Amma dünyanın o biri səmtində Qafqaz və İran “hindi”ləri öz əyallarının ruzisini növbənöv libasa girmiş quldurlara paylayanda barı əvəzində onlardan iki qəpiklik mıncıq da istəmirlər. Məsciddən çıxıb, davam gətirə bilmədim və qaçıb mollanı tərifləyən qırmızı saqqal kişini çağırdım və dedim: Ta ki, sən oldun əsiri vəzi-yarın, ey yazıq, Qarə oldu yar əlindən ruzigarın, ey yazıq! Yüz cəfa gördün, vəli heç bir şikayət etmədin, Görmədin yarın vəli namusü arın, ey yazıq! Nə ümid ilə yenə molla sənə vermiş fərib Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey yazıq! Güzgüdə görsən əgər quli-biyaban halını, Ta kəsilməz bir nəfəsdə ahü zarın, ey yazıq! Aldı əqlü huşunu alimnümalar sözləri, Getdi əldən yox yerə məcmui-varın, ey yazıq! Lotular vəzinə qoymazdım səni bənd olmağa Məndə olsaydı əgər kim, ixtiyarın, ey yazıq! Yolkəsəndən çəkməsən əl, pəndimi guş etməsən, Saxla yadında: olar nalə mədarın, ey yazıq! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 noyabr 1906, №32 * * * Şeytana cavab Ey mənim əzizim şeytan qardaş! “Molla Nəsrəddin”in 32-ci nömrəsində sənin imzan ilə bir məktub oxudum, o məktubda sən deyirsən ki, on ildi müsəlman içindən çıxıb gedib Yevropada olursan və müsəlman içində üz verən pis işlərdən sənin xəbərin yoxdur. Ay sən öləsən, ay başını piyliyim, ay meyidini görüm! Hələ mənə de görüm kimi tovlamaq istəyirsən? Yoxsa müsəlmanlara dadanıbsan? Yoxsa ona arxayınsan ki, sadədil və nadan müsəlmanları asandır aldatmaq? Sən utanmaya-utanmaya deyirsən ki, “mən on ildi müsəlmanların içindən çıxıb gedib Yevropada qalıram”. Yalansa atana lənət! Məgər sən iki ay bundan irəli Tiflisdə deyildin? Pəs kim idi gecə cənab Mahmud ağanın qapısını döyən? Mənim yaxşı yadımdadı, yağış da yağırdı. Cənab Mahmud ağa akoşkadan başını çıxartdı və soruşdu ki, “kimdi qapını döyən?”. Sən dedin ki, “mənəm”. Cənab Mahmud ağa köynəkçək qapıya yenib sənə dedi ki, “gecənin bu vaxtı xeyir ola?”.. Sən Mahmud ağaya dedin: “Səhər tezdən bir ərizə yazdır, poçtnan göndər qubernatora və xəbər ver ki, prixod mollası Axund Mirbağır ağa müsəlmanları başına yığıb onlara hökumətin əlyehində bir para mətləblər öyrədir”. Cənab Mahmud ağa dedi ki: “Baş üstə” sabahkı günü cənab ərizəni göndərəndən sonra Mirbağır ağanı tutub bir ay dustaqxanada saxladılar. Əzizim şeytan qardaş, pəs sən deyirsən ki, on ildi Yevropadayam? Pəs cənab Mahmud ağanın qapısını döyən və onu bu məşqə salan kim idi? Hətta burası da yadımdadır ki, yağış yağırdı və küçələr palçıq idi və quyruğunun ucu palçığa batmışdı. Hələ bu yalanının biri. Əzizim şeytan qardaş, mən səni iki il bundan irəli də görmüşəm, “Qurbağalı” kəndində. Yadındadırmı, Kərbəlayı Heydər gəlmişdi. Molla Fətəli axunda deyirdi ki, “Kərbəlayı Hüseynin qızı Tutunun kəbinini kəs mənə”, və Molla Fətəli başladı Kərbəlayı Heydəri məzəmmət eləməyə ki, Tutunun əri var və Kərbəlayı Heydər cavab verdi ki, Tutunun əri kasıb bir adamdı və özü də gedib Rusetə kasıbçılığa. Molla Fətəli genə dedi ki, olmaz, əri qayıdıb gələr və şikayət elər. Və Kərbəlayı Heydər cavab verdi ki, Tutunun əri avara bir adamdır və şikayətin yolunu bilməz və sonra Kərbəlayı Heydər Molla Fətəliyə iki dənə gümüş manat verdi və Molla Fətəli genə razı olmurdu. Yadındadırmı, şeytan qardaş ki, sən yavaşca özünü verdin mollanın yanına və qulağına pıçıldadın: “A kişi, dəli olma, manatları sal cibinə, nə vecinədir Tutunun əri elə gəldi, belə getdi. Canı çıxsın Tutunun da, ərinin də. Sənə nə? Millət necə tarac olur, olsun nə işim var? “ Axırda Molla Fətəli razı olub kəbini kəsdi. Əzizim şeytan qardaş, bə deyirsən ki, on ildi müsəlmanların içindən çıxıb Yevropaya getmisən? Bu yalanın ikincisi. Şeytan qardaş, mən səni çox yerdə görmüşəm. Bir neçə dəfə mən səni Rəştdə Axund Hacı Molla Mehdinin, yəni məşhur “Lotu Mehdi”nin qapısında görmüşəm. Yadındadırmı bir dəfə Rəştin hakimi “Lotu Mehdi”gildə qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti gətirdilər, sonra bu övrətin qardaşı da gəldi, sonra genə bir neçə övrət gəldi, axırı bilmirəm nə oldu? Amma orası yadımdadır ki, sən xəlvətcə özünü verdin “Lotu Mehdi”nin yanına və bilmirəm ona nə dedin, ta qalanı yadımdan çıxıb. Amma orası yadımdadır ki, Zeynəb övrəti və qardaşı Kərbəlayi Novruzu mollanın həyətində yıxdılar yerə və bacı ilə qardaşın ayaqlarını qoydular falaqqaya, yazıq övrətin çılpaq qıçlarına boynuyoğun kişilər yaş şivkələrlə çırpırdılar, molla və hakimi-vilayət durub tamaşa edirdilər və gülürdülər və sən də gülürdün, şeytan qardaş. Əzizim şeytan qardaş, bə deyirsən mən on il bundan irəli müsəlman içindən çıxıb getmişəm Yevropaya? Bu da yalanın üçüncüsü. Bunlardan savayı mən səni, şeytan qardaş, çox yerdə görmüşəm: İsfahanda da, Təbrizdə də, Tehranda da, İrəvanda da. İnşallah bundan sonra bir-bir yadına salaram və “Molla Nəsrəddin” məcmuəsində yazıb yalanını çıxardaram, ta bundan sonra belə qələtləri eləmiyəsən və yalan danışmayasın. Hələ ki, xudahafiz. Cin “Molla Nəsrəddin”, 17 noyabr 1906, №33 * * * Məscidlərimiz Bizim məscidlərə cəm olanlara diqqət eləsək, görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kankan, dilənçi, dəllək, pinəçi, nalbənd, çərçi və xırda-xuruş alışverişçilər, baqqallar, kərbəlayı və məşədilər və kasıb hacılardır. Əgər əcnəbi millətin birinin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman içində bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də bəy, xan, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaatı ibarətdir məhz cırıq-mırıq, ac və kasıb fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan. Niyə xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar? Peterburqda on min müsəlman var. Bunların içində neçə-neçə mütəşəxxis sahibmənsəblər, generallar, polkovniklər, obrazovannılar, təbiblər, xanlar və mülkədarlar var. Amma Peterburqun tək bir məscidinə yığılan ancaq kasıb tatarlardır ki, peşələri evləri gəzib paltar, köhnə qaloş və çəkmə və çirkli dava şüşələri alıb satmaqdır. Moskva həmçinin. Tiflisdə sünni məscidinə gedənlər ancaq Qazan tatarlarıdır ki, peşələri fayton sürməkdir. Şiə məscidinə gedənlər İran fəhlələri və hammallarıdır. Bakıda milyonçular və oxumuşlar məscidə getməzlər. Danabaş kəndinə məscidə gedənlər ancaq kasıb kəndlilərdir, mülkədarlar məscidə gəlməzlər. Kimdir dövlətliləri, oxumuşları məsciddən qaçırdan? Bunu mən bir neçə dəfə bəzi məscidə getməyənlərdən sual eləmişəm və bu barədə neçə cavablar eşitmişəm. Əgər başağrısı olmasa, həmin cavabları yazaram. Bir dəfə bir cavan bəyzadədən soruşdum ki, niyə məscidə gəlmirsən? Cavan mənə belə cavab verdi: – Ay Molla Nəsrəddin, Allah atana rəhmət eləsin, axır mən başıma nə daş salım? Şalvarım elə dardı ki, diz üstə oturmaq heç mümkün deyil. Məsciddə də ustul yoxdu ki, ustul üstə oturasan. Qalmışam məəttəl. Dəxi nə çarə qılım? Bu bəyzadənin cavabı. Bir dəfə bir dövlətli xandan soruşdum ki, niyə məscidə gəlmirsən? Xan da belə cavab verdi: – Əzizim Molla Nəsrəddin baba, mənim bu barədə heç təqsirim yoxdu. Məscidə getməməyimin səbəbi budur ki, məscidə gedəndə bilmirəm cibimə nə qədər pul qoyum. Məscidlərimiz ibadətxanalıqdan çıxıb, dilənçixana olublar. Mən girən kimi dünya və aləmin ac seyidləri və molları gəlib sərçə kimi düzülürlər, minbərin pillələrinə və başlayırlar pul istəməyə. Mən xana dedim ki, mollaların bir yandan məvacibləri yoxdur, bəs siz onlara pul verməyəndə, onlar hardan çörək tapıb yesinlər? Xan cavab verdi ki, bunun mənə dəxli yoxdur. Bu da dövlətli xanın cavabı. O ki, qaldı oxumuşlar, məscidə gəlməməklərinə bunlar da bir neçə səbəb qoyurlar. Əvvələn, deyirlər ki, məscidə cəm olanların çoxusu keçəl adamlardır və məlumdur ki, keçəllər həmişə başlarına quyruq yağı sürtürlər. Odur ki, məscidlərdən həmişə qovurma bozbaşının qoxusu gəlir. Bu səbəbdən oxumuşlar məscidə gəlmirlər. Oxumuşların bir parası da bu cür deyir, bir parası da deyir ki, mən uşaqlıqdan adət eləmişəm çəkmə geyməyə, başmaq geyməyi öyrənməmişəm. Çəkməli gedirəm məscidə oturanlar tez qalxıb gəlirlər mənim yanıma və başlayırlar çəkmələrimə diqqət eləməyə və deyirlər ki, bu çəkmələr “Varşov” çəkmələridir, bunları urus tikib, cəhənnəm ol məsciddən çıx get, buraları murdarlama! Oxumuşların bir parası da deyir ki, bizi məsciddən qaçıran mollaların moizəsidir. Məsələn, gedirik, otururuq, molla çıxır minbarə və başlayır: – Ey müsəlmanlar, onu bilin ki, insanın qəlbində iki nöqtə olar. Biri ağ nöqtə, biri qara nöqtə. İnsan savab əməl tutduqca ağ nöqtə qara nöqtəni basar, amma günahkar bəndələrin qəlbində qara nöqtə ağ nöqtədən böyük olar və günah əməl tutduqca qara nöqtə ağ nöqtəni basar. Və cəmi xarici dərslərini oxuyanlar üçün heç bir nicat yoxdur; çünki onların qəlbində olan qara nöqtə gündə-günə artıb, ağ nöqtəni basır. Allah xarici dərslərini oxuyanların üzünü hər iki dünyada qara eləsin! Amin, ya rəbbül-aləmin! Budur oxumuşların cavabı. Məscidə gəlməmək barəsində özgələr nə deyirlər desinlər, onlarnan işimiz yoxdur; amma oxumuşların bəhanələri nahaq və mənasızdır. Əvvələn, tutaq ki, məscidə gələnlərin çoxusu keçəl adamlardır; tutaq ki, onlar başlarına quyruq yağı sürtürlər. Amma onların içində təktək elələri də tapılar ki, nə keçəldirlər və nə başlarına quyruq yağı sürtürlər. Və bir də məhz keçəlləri müqəssir tutmaq insafdan kənardır. Üfunətin çoxu corablardan və başmaqlardan gəlir, çünki məscidə gələnlərin çoxu corablarını ildə bir dəfə də yudurtmazlar və dəyişməzlər. Və bir də bunların nə eybi var? Saniyən, çəkməli məscidə gedənlərin də sözləri əsilsizdir: nə eybi var, məgər mümkün deyil məscidə gedəndə bir özgəsinin təmiz başmaqlarını borc eləmək və məsciddən qayıdandan sonra sahibinə qaytarmaq? Salisən, o ki qaldı əcnəbi dərsi oxuyanların barəsində mollanın vəzi, bu barədə də çox söz deyə bilərdim, o qədər söz deyə bilərdim ki, Avropanın kağız karxanalarında kağız tapılmazdı ki, mən sözümü yazıb tamam edim. Amma öz aramızdır, çox uzun-müşərrəf olduq… İbrahim bəyin sözləri yadıma düşdü: “Mürdəənd vəli zində – zindəənd vəli mürdə”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 noyabr 1906, №34 * * * “İrşad” Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”. Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin? Sən Allah, ay müsəlmanlar, insafı qoyun ortalığa, deyin görək, beş min də müştəri olar? Beş min demək nə demək? Dünən bir İran tələbəsi beş min müştərini barmaqları ilə hesab eləyirdi. Barmaqlarının birini yumdu, dedi: “bu on yüz müştəri”. İkisini yumdu, dedi: “bu iyirmi yüz müştəri”. Axırda hesab elədi gördü ki, beş min müştəri əlli yüz müştəri eləyir. Sonra həmin tələbə istədi beş min müştərinin abunə pulunu cəm eləsin, biri səkkiz manatdan, amma çotqa tapılmadı. Dedi: “bunu da tək bir Allah bilir ki, nə qədər pul elər”. Qərəz, sözüm orada deyil. Ay qardaş, beş min də müştəri olar? Həyə zarafat eləyirsən, o bir özgə iş; yoxsa ciddən deyirsən, heç insaf eləmirsən? Sən də gedib Frəngistanı gəzib gəlibsən, deyirsən ki, “pəh, niyə Şvetsariya Zəngəzur mahalı böyüklüyündə ola-ola oranın qəzetlərinin iki milyon müştərisi olsun, “İrşad”ın beş min də olmasın? Niyə Rusetdə “Novoye vremya”nın üç milyon müştərisi, “Mşak”ın əlli beş min müştərisi olsun, “İrşad”ın beş min də olmasın?”. Həyə, sən də belə fikir eləyirsən, heyif olsun o elminə ki, Frəngistanın xarabasında təhsil eləyibsən! Yoxsa sənin fikrin budur ki, biz də bilatəşbih frəng, rus və ya erməni olaq? Sən bunu özün hamıdan gərək yaxşı biləsən ki, o tayfaların hamısı bikar bir adamdırlar. Həqiqət, Amerikanın Kolumbiya adlı məmləkətində bir qəzet nəşr olunur. Qəzetin adını müsəlman hərflərilə yazsam, qorxuram “kətrənkələ” kimi bir şey oxuna. Qərəz, sözümüz orada deyil. Həmin qəzetin iyirmi altı min müştərisi var. Amma haman vilayətin nüfusunun qədəri ancaq iyirmi bir mindir. Demək ki, bir adam başına bir qəzetdən artıq düşür. Dəxi aşkardır ki, bunlar hamısı bikarçılıq əlamətidir. Yoxsa nə qəzetbazlıqdır, nə məktəbbazlıqdar, nə elmbazlıqdır? Haradadır elm? Vallah, billah, mən bilirəm ki, sən mənim bu sözlərimin qabağında mənə nə deyəcəksən; deyəcəksən ki, “onlarda elm var”. Həyə sən bu sözü desən, mən də səndən bir söz soruşaram: – Gedib Avropanın veyilxanalarında guya elm oxuyubsan, bir mənə de görüm: “asmurş” nədir? Həyə bildin? Di get, dəxi elmdən dəm vurma. “Asmurş” bir cin adıdı. İndi tutaq ki, bilmədin, di qalan cinlərin adını həyə tapdın? Di tap görüm. Hə… Necədi? Di bilmirsən, qoy deyim: “cəmlixa”, “məhmuil”, “zəbəndərə”, “qaruş”, “şaruş”… Hələ çoxdur; bunlardan savayı yüz cin adı sayaram. Bunları mən həmin İrandan gələn tələbədən öyrəndim. Dedi ki, “kitaba baxaram, qalanların da adını sənə öyrədərəm”. Elm budur, əzizim! Yoxsa nə Frəngistan, nə qəzet, nə məktəb? Bir də, sən Allah, məktəbdən-zaddan çox danışma. Xarab olsun o məktəblər ki, sən qəzetində yazırsan! O məktəblərdən çıxan şeytanlar deyilmi? Rusiyanı hərc-mərc edən kimdirlər? Hüriyyət axtaranlar kimdirlər? İrana bomba daşıyanlar kimdirlər? Bir hünərləri var İstambula da getsinlər görüm. Dadanıblar biçarə rus və İran padşahlarına. Bir Osmanlıya keçsinlər, Sultan Həmid onları diri-diri udsun. Qərəz, sözümüz orada deyil… Və bir də, ay qardaş, “İrşad!” Axır müsəlmanlardan nə istəyirsən? Bilmirəm sözün nədir? Ah, fəryad eyləyirsən, söylə fərmanın nədir? Məqsədin bildir nə şeydir, ahü əfqanın nədir? Ruznamə nə, nə məktəb, elm və övraq nə? Bir dəqiqə yox qərarın, suzü giryanın nədir? Yirmi il keçdi və lakin sən vətəndən keçmədin, Aləmi rüsva edirsən, söylə vicdanın nədir? Xanəni viran edər təhsili-məktəbxanədən, Anladım məktəb nə şeydir, elmü ürfanın nədir. Etiqadın yox Zünuzlar, ya da Şirvan pirinə, Boylə olsa qanmıram ta dinü imanın nədir? Binəva sənsən ki, aldandın camaat qeydinə, Axırı bir gör nə oldun, malü samanın nədir? Tulladın dünyada hər bir ləzzəti, nemətləri, Axirətdə kim bilir huri və qılmanın nədir? Baxma millət xəstədir, cindarə ümmid et, dadaş, Bundan özgə ta sözün nə, özgə dərmanın nədir? Sən deyirsən qoymaram millət təmamən məhv ola, Valla heç bir kəs də bilməz boylə ehsanın nədir? Saxla yadında, sənə lazımdı beş min müştəri, Saxla yadında görək hacı, bəyü xanın nədir? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 dekabr 1906, №35 * * * Tiflisdə mədrəseyi-ruhaniyyə Bir gün var idi, bir gün yox idi, bir Tiflis var idi və bu Tiflisdə hər bir şey var idi, bircə mədrəseyi-ruhaniyyə yox idi və bu Tiflisdə millət dərdi çəkənlər də var idi və bu millət dərdi çəkənlər istədilər ki, mədrəseyi-ruhaniyyə də Tiflisdə olsun və Tiflisdən savayı bir Bakı da var idi və bu Bakıda çox pul da var idi. Bir gün bu millət dərdi çəkənlər Bakıya gedib dedilər: Bizim Tiflis gözəl yerdi və Tiflisdə Şeytanbazar adında bir gözəl müsəlman məhəlləsi var və orada hər bir şey var: amma bircə mədrəseyiruhaniyyə yoxdu. Gəlin pul verin, orada bir mədrəseyi-ruhaniyyə açaq və bakılılar dedilər ki, baş üstə və bakılılar altmış min manat vədə elədilər və on min manatını qabaqca verdilər və komissiya təyin olundu və yer alındı və inciner çağrıldı və incinerə iki min manat verildi ki, mədrəsənin planını çəksin və iki min manat da girdi inciner rəfiqimizin cibinə və plan girdi millət dərdi çəkənlərin cibinə və on min manat girdi padşahlıq xəzinəsinə və o xəzinədə yüz on beş min manat mövqufat pulu da rəxtixab içində rahat yatırdı və bu on min manat da gedib girdi haman 115 min manatın rəxtixabına və başladılar bir yerdə yatmağa, necə ki, bizlərdə bir yorğan-döşək içində bir ana yatar, bir ata yatar, bir əmcək uşağı yatar, üç yaşında Gülsüm yatar, bir yeddi yaşında Heydər yatar, bir 11 yaşında Murad yatar, bir on dörd yaşında Qurban yatar, sonra on doqquz yaşında Cəfər gəlib yorğanın bir ucunu qovzar və paltarını soyunmamış girər şərakətli yorğan-döşəyə. Xəzinə də bir cüt rəxtixabdı. Orada mövqufat pulu da yatar, mədrəseyiruhaniyyə pulu da yatar, məscid pulu da yatar, məktəb pulu da yatar, orada daha bilmirəm nələr yata bilər… Bəli, mətləbdən uzaq düşdük. On min manat da girdi 115 min manatın yanına. Günlərin bir günü bu pulların hamısı verildi, prosent kağızları alındı, yəni bank biletləri alındı. A başınıza dönüm, günlərin bir günü rus pulları sınmadımı? Elə sındı ki, səsinə az qaldılar İsfahanda və Gilanda yatan iranlılar oyansınlar, amma incəvara oyanmadılar. Qərəz, hə başınızı ağrıdım, bizim mövqufat pulları və mədrəsə pulları bir ilin içində otuz beş min manat ziyan elədilər. Amma bunlar hamısı keçib gedər, çünki dünya malı dünyada qalacaq. Bu işlər mənə yuxu kimi görsənir, çünki belə məzəli işləri yuxuda görmək olar. Mən heç bir şeyə inanmamışam, amma keçən il mən millət dərdi çəkənləri elə bir çalışan gördüm ki, yəqin eləmişdim ki, Tiflisdə mədrəseyi-ruhaniyyə açılacaq. İndi də mən Şeytanbazardan keçəndə hər bir müsəlmandan soruşuram: harada mədrəsənin imarətini tikirlər? Dünən mənə birisi belə cavab verdi: “Get ay batandan sora gəl, Pullar yatandan sora gəl”. “Molla Nəsrəddin”, 1 dekabr 1906, №35 * * * Qarnıyoğunlar Dedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasitəsilə oxucularımızın qədərini bir az artıraq; amma Allah şeytana lənət eləsin; gündə gəlib, başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün məcmuənizdə yazın ki, Təbrizdə vəliəhd “şahsevən” quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bu cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür. Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirzə oxuyan kimi hökm eləyir məcmuəmizi İran sərhəddində yandırsınlar. Bu bir. Yazırıq mədrəseyi-ruhaniyyənin pulları gəzdi, gəzdi, axırda tappıltı ilə düşdü incinerin cibinə, – bunun cavabında hökumətdən məvacib alan ruhani rəislərimiz bu fəqərəni oxuyan kimi fitva eləyirlər ki, “Molla Nəsrəddin”ə pul verib oxumaq – çaxıra pul verib içmək kimidir. Bu iki. Osmanlı konsulu idarəmizə sifariş göndərir ki, “bir də Sultan Həmidin pisliyini yazsaz, yəni bir də yazsanız ki, Osmanlının xariciyyə vəziri gəlib, sultana ərz edəndə ki, sultan sağ olsun, Avropa hökumətləri Kriti hazırlaşırlar versinlər Yunan patşahına – sultan Əbdülhəmid yunanlı hərəmini yanına çağırıb deyir: “Bə xali hinduət bəxşəm Krit və Şamü Bosnara”, İstambula yazaram “Molla Nəsrəddin”i Osmanlı torpağına qoymasınlar”. Bu üç. Məcmuəmizin çoxu Qarabağ və İrəvan tərəflərinə gedir. Bu gün də lənətə gəlmiş şeytan gəlib yapışıb yaxamızdan ki, “niyə yazmırsınız?” – Deyirik: – Nə yazaq? – Dedi: – İrəvan və Qarabağ vilayətlərinin aclarının dad-fəryadı sizin qulaqlarınıza çatmır? Hərçənd biz bilirik ki, şeytanın qəsdi budur ki, İrəvan, Naxçıvan və Qarabağ qarnıyoğunlarını özümüzdən incidək ki, axırda məcmuəmizi İrəvan və Qarabağ mahallarında da haram bilsinlər. Amma şeytanın bu “qarnıyoğun” ləfzi bir neçə mətləblər mənim yadıma saldı. İndi hər nə olacaq, olsun. Bizim də ümidimiz bunadır ki, bəlkə müsəlman qardaşlarımızın bəzisi günlərin bir günü məcmuəmizi əvvəlinci nömrədən 39-cu nömrəyədək vərəqləyəndə insafı ortalığa qoya və öz-özünə deyə: “Yox, Molla Nəsrəddin yalançı və böhtançı deyil”. Bəli, keçək mətləbə. Qarnıyoğun… Çox məzəli sözdür. Nədən adamın qarnı və boynu yoğunlayır? Bununla işim yoxdur. Nədən yoğunlayır, yoğunlasın. Amma mən elə bilirdim ki, adamın bir az fikri, bir az dərdi olsa, qarnının piyi bir az əriyər və qarnı bir az nazikləşər. Hər bir məmləkətdə, hər bir vilayətdə qarnıyoğun adam çoxdur. Qarabağda, İrəvan quberniyasında da qarnıyoğun az deyil. Bu cür adamların çoxu və bəlkə hamısı mülkədardır. Qərəz, bununla da işim yoxdur. Bir neçə gün bundan irəli mən gedib, Qarabağ və İrəvan qu-berniyasını gəzib dolanmışam. Bu dəfə mən yəqin eləmişdim ki, bir dənə qarnıyoğun adam görməyəcəyəm; ondan ötrü ki, İrəvan və Qarabağ aclarının vayıltısı Tiflisdə gürcüləri ağladır. Məsələn, Qarabağda yüz altmış bir qarnıyoğun mülkədarı qabaqca mən tanıyırdım. Amma bu dəfə mən başıdaşlı nə gördüm? Heç birinin qarnı təfavüt eləməyib. İrəvan quberniyasında iki yüz otuz dörd qarnıyoğun xan, bəy, ağa var; heç bir təfavüt görmədim. Burada lazımdır “lənət şeytana!” – deyib dayanmaq! Ey mənim hörmətli oxucularım! Ey mənim munislərim! Mən bu sözləri ondan ötrü yazmıram ki, siz oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan çıxarasınız! Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. Mən bu sözləri yazıram ki, fikir edəsiniz, yazıram ki, fikir edəsiniz… Erməni ləfzi bizlərdə söyüş kimi bir sözdür; bir müsəlmana erməni demək, onu bihörmət eləmək kimidir. Amma Yava cəzirəsinin erməniləri qafqazlı qardaşlarına ianə yığıb göndəriblər. Yuxarıda söylədiyim qarnıyoğunların hamısını mən tanıyıram. Bunların bəzisinin o qədər dövləti var ki, Yava cəzirəsini satın ala bilər. Bəs aclar kimdirlər? Bunların öz rəiyyəti. İrəvanda Baxşəli xanın otuz iki para kəndi var. Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir. Əgər yalandır, qoy naxçıvanlılar yazsınlar ki, Molla Nəsrəddin yalan danışır. Allah şeytana lənət eləsin! Bunlar hamısı ötüşər. Qərəz, mətləbdən uzaq düşdük. Amma həmd olsun Allaha, alimlərimizin mizaci-mübarəkləri səlamətdir. O ki qaldı kasıb və füqəralar, bunların dadına Allah-taala özü yetişər, bunların bəndəyə dəxli yoxdur. Xudavəndi-aləm öz yaratdığı məxluqun fikrini özü gərək çəksin. Danabaş kəndində Molla Sadıq həmişə deyərdi: – Millət deyəndə yer üzündə bircə müsəlman millətidir; özgə millətlər heyvan kimi bir şeydirlər. – Mən soruşardım: – Hardan bunu bilirsən? – Deyərdi ki: – “Ümdətül-əfkar” kitabında yazılıb. Molla Sadıq düz deyirmiş. Amma bizim “Hophop” bir özgə cür deyir. “Hophop” deyir: Hər nə versən ver, məbada vermə bir dirhəm zəkat, Qoy acından ölsə ölsün binəva kəndli və tat. Hər nə düz versən ver, oğlum, borcunu vermə tamam, Hər nə alsan al, amandır, alma kasıbdan salam. Hər nə etsən et və lakin etmə meydən ictinab, Hər nə tutsan tut, məbada tutma bir kari-səvab. Hər nə çəksən çək, vəli çəkmə xəcalət qübhdən, Harda yatsan yat, ayılma, durma hərgiz sübhdən. Hər yerə gəlsən gəl, amma gəlmə dərsə, məktəbə, Hər kəsə uysan uy, amma uyma dinə, məzhəbə. Hər nə çəksən çək, bəradər, çəkmə düz mizanüvi, Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanüvi. Baxmasan eytamə baxma, baxma, bax löbətlərə, Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lənətlərə. Olmasan bir xeyrə bais, olma, ol bais şərə, Etməsən imdad etmə, et sitəm acizlərə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 dekabr 1906, №36 * * * Gimnaziyada təzə məscid Yazırlar ki, yunan filosofu məşhur Sokrat dörd yaşında olan zamanlar bir gün bıçağı götürüb gedir durur aynanın qabağında və öz surətinə baxa-baxa deyir: – Ay mənim gözlərim və ay mənim qulaqlarım! Allaz sizi mənə ondan ötrü verib ki, mən siz ilə dünyanı görüm və eşidim. Əgər siz mənə necə ki, lazımdır qulluq edəcəksiniz, – xub; əgər etməyəcəksiniz, bu saat mənə məlum edin ki, bu bıçaqla mən sizi tələf edim. Bəli, görüm sözüm harda qaldı?.. Hə, gimnaziyada təzə məscid. Neçə ildir ki, Tiflisdə əvvəlinci zükur gimnaziyasının uşaqları müəllimlərinə şikayət edirdilər ki, Şeytanbazarda məscidə gedəndə müsəlman baqqalları bizə elə ha deyirlər: “Oxqay, oxqay, oxqay!” Müəllimlər əvvəllər uşaqların sözlərini başa düşmürdülər; ondan ötrü ki, haman müəllimlər rus, gürcü, polyakdırlar və o millətlərin içində kişilər məhz övrətlərə deyirlər: “Oxqay!” Amma müsəlman içində həmi balaca uşaqlara deyirlər “oxqay”, həmi rus xanımlarına deyirlər “oxqay”. Müəllimlər işin həqiqətini biləndən sonra qərar qoydular ki, gimnaziyada müsəlman uşaqları üçün bir məscid bina olunsun ki, bundan sonra müsəlman mütəəllimləri Şeytanbazar məscidinə getməsinlər. Dekabrın 6-da Tiflis müsəlmanları gimnaziyaya dəvət olunmuşdular ki, məscidi rəsmi surətdə güşad etsinlər. Mən də orada idim. Əvvəl fəsih və bəliğ nitqlər söyləndi. Mən ancaq bunu soruşdum ki, ay ağalar, bir məni başa salın görüm, bu məsciddə uşaqlar namazı rus dilində qılıcaqlar, ya müsəlman dilində? Mənim bu sözlərimin cavabında ağalardan bir neçəsi bir-birini üzünə baxdılar və mənə bir cəvab vermədilər. Sonra ruhani rəislərimizin biri yeridi qabağa və ərəb dilində başladı danışmağa. Bir neçə kəlmə deyəndən sonra başladı rusca danışmağa. Bir az rusca danışıb başladı türkcə danışmağa, sonra başladı dua oxumağa və hər bir duanı zikr eləyəndən sonra deyirdi: “Amin deyən dillər lal olmasın!” Molla əfəndinin bu sözlərini eşitcək Qazan tatarları birdən rusca deyirdilər: “Amin!”. Təxminən bir saat qədərincə molla əfəndi dua oxudu, oxudu, oxudu, oxudu, oxudu… Axırda birdən başladı ağlamağa. Ağladı, ağladı və başını yuxarı qalxızıb, başladı divarlarda padşahın şəklini axtarmağa. Gözünü divarlara dolandırıb üzünü çöndərdi dal divara və divardan asılan şəkillərin birini padşahın şəkli bilib, getdi durdu həmin şəklin qabağında, dalını çöndərdi camaata və başladı dua eləməyə. Bu heyndə rus qulluqçularından bir parası başladı gülməyə. Mən əvvəl təəccüb elədim, amma sonra gördüm ki, molla əfəndi dua elədiyi şəkil padşahın şəkli deyil, rus ədiblərindən Turgenevin şəklidir. Müsəlmanlardan bir neçəsi molla əfəndiyə yavıqlaşıb başladılar pıçıldamağa ki, ay rəhmətlik oğlu, o ki padşahın şəkli deyil. Amma eşidirmi? “Məhəbbət bir bəla şeydir”. Sonra hannan-hana əfəndini başa salıblar və padşahın şəklini göstəriblər və yazıq gözlərinin yaşını silə-silə gedib padşahın qabağında durub, dua və sənasını tamam elədi: “Amin deyən dillər lal olmasın!..” * * * Sokrat dörd yaşında olanda gözlərinə və qulaqlarına deyirmiş ki, əgər dünyanı görməsəniz və eşitməsəniz, mən sizi tələf edərəm. O vədədən neçə min il keçir. İndi bizim sokratlar əlli-altmış yaşında ola-ola aynanın qabağında durub mübarək surətlərinə baxanda deyirlər: – Ay mənim gözlərim və qulaqlarım, Allah sizi mənə verib görməkdən və eşitməkdən ötrü. İndi kef sizindir. İstəyirsiniz görün və eşidin, istəyirsiniz kor və kar olun. Hər nə edirsiniz edin, amma qarnımnan işiniz olmasın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 dekabr 1906, №37 * * * Doqquz yaşında Divanə könül, dəxi usan, yal ağarıbdır, Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır, Başdan bu həvavü həvəsi sal ağarıbdır, Əvvəl nə isə indiki əlhal ağarıbdır, Layiqdi ki, bundan sora saqqal ağarıbdır. Ay hacı, qadan alım, bir gün sən bu sözləri oxuyurdun, mən də sənin akoşkavun qabağından keçəndə eşidirdim, sabahkı günü xəbər çıxdı ki, sən Nurməhəmmədin doqquz yaşında Səkinə adlı qızına elçi göndərib istəyibsən. Sonra mən eşitdim ki, Səkinənin anası qızına deyib “Səni hacıya ərə verirəm”, sonra da eşitdim ki, Səkinə deyib “Ay ana, necə ərə verəcəksən?” sonra da eşitdim ki, anası deyib: “Bala, gedəndən sonra bilərsən”, sonra da eşitdim ki, Səkinə başlayıb ağlamağa və anasına deyib ki, “Sən Allah, ay ana, bir məni başa sal görüm ər nəyə deyirlər?” və sonra da eşitdim ki, anası hələ bir xubunca döyüb. Ay Hacı, qadan alım, bir gün mən genə sənin akoşkavun qabağından keçirdim, sən genə oxuyurdun: Məhvəşlərə xoşdur nə ki, oğlan danışsa, Yüz fəxş deyib hərzəvü hədyan danışsa, Ağsaqqal əgər ayeyi – Quran danışsa, Başdan-ayağa hikməti – Loğman danışsa, Axırda deyər söyləmə naqqal ağarıbdır. Ay hacı, balalarına mənim canım qurban, sabahkı günü xəbər çatdı ki, sən doqquz yaşında Səkinə qıza sifariş göndəribsən ki, “bala, niyə mənə gəlmirsən, mən belə sənə qırmızı çarqat alaram, mən sənə bazar halvası alaram, mıncıq alaram, kişmiş-noxud alaram”. Sonra da eşitdim ki, Səkinə anasına deyib: “Ay ana, niyə dadaşım mənə kişmiş-noxud almır, hacı alır?”. Sonra da eşitdim ki, anası cavab verib: “Qızım, hacı səni istəyir, onun üçün alır”. Sonra da eşitdim ki, Səkinə deyib: “Ay ana, hacı niyə pəs kişmiş-noxudu alıb göndərmir?”. Sonra da eşitdim ki, anası cavab verib: “Bala, sən gərək əvvəl hacıya ərə gedəsən, sonra kişmiş-noxudu doldurasan ciblərinə”. Sonra da eşitdim ki, “Ay ana, sən Allah məni başa sal görüm ər nəyə deyirlər?”. Və sonra da eşitdim ki, anası Səkinəni genə bir xubunca döyüb. Ay hacı, qadan alım, bir gün mən genə sənin akoşkavun qabağından keçirdim və sən genə oxuyurdun. Yalın ki, ağardı sənə müştaqi-zən olmaz, Rəftarına ya söhbətinə heç dözən olmaz, Başdan ayağa yaşilü alə bəzən, olmaz, Bostanda çürür, rəğbət edib, bir üzən olmaz, Hər meyvə kimi tağı ölüdür, kal ağarıbdır. Ay hacı, balalarına qurban olum, sabahkı günü xəbər çıxdı ki, cənab axundun evinə bir kəllə qənd və yarım girvənkə çay göndəribsən ki, bu işi tezliklə düzəltsin və sonra eşitdim ki, cənab axund qızın atasını çağırıb və sonra da eşitdim ki, qızın anası deyib: “Vallah, axund ağa, Səkinənin ağlamaqdan gözləri kor olub”. Sonra eşitdim ki, cənab axund... Əstəğfürullah rəbbi və ətubi ileyh. Qadan alım, hacı, sonra da eşitdim ki, Səkinənin atası Nurməhəmmədi çağırıb ona yüz otuz manat veribsən və deyibsən ki, iki min manat da Səkinəyə kəbin kəsdirəcəksən və sonra eşitdim ki, Nurməhəmməd gedib Səkinəni bir xubunca döyüb və sonra eşitdim ki, Səkinə ağlaya-ağlaya deyib: “Dadaş, sən Allah məni bir başa sal görüm, ər nəyə deyirlər?”. Ay hacı, qadan alım, bir gün genə mən sənin akoşkavun qabağından keçirdim, gördüm ki, bir qız uşağının ağlamaq səsi sənin evindən gəlir və eşitdim ki, qız uşağı ağlaya-ağlaya sənə deyir: “Ay əmi, səni həzrət Abbas, məni ötür gedim evimizə, indi dayıqızım gəlib bizə məni gözləyir ki, mən gedim qəcəmədaş, beşdaş oynayaq. Sən Allah məni ötür gedim “ və eşitdim ki, sən Səkinəyə deyirsən: “Ay qız, gör sənə necə konfetlər almışam” və eşitdim ki, Səkinə deyir: “Elə bu konfetləri də aparım yarısını verim dayıqızıma”, və eşitdim ki, sən genə qıza yalvarırsan... və sonra eşitdim ki, oxuyursan: Keçdi o ki, zovq eylər idin gah səfərdə, Evdə oturanda meyü məhbub nəzərdə, İndi dəxi yox tabü təvan canü cigərdə, Kəh yanını ver balışə, gəh çıx günə ver də, Çək kürkün əhvəcin başa donbal ağarıbdır. Qadan alım, ay hacı, sonra çox sözlər eşitdim... Eşitdim ki, daşlar ağlayır, quşlar yas qurub, çöllər qara geyib, dünyavü aləm matəm tutub... Sonra genə çox sözlər eşitdim... Dəli “Molla Nəsrəddin”, 15 dekabr 1906, №37 * * * İranın Batum konsuluna başıbağlı məktub Özgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar Fədayət şəvəm! Ay rəhmətliyin oğlu, sənin də başuva bir özgə sənət qəhət olub, gedib oturubsan Batumda və deyirsən ki, “mən gərək konsul olam”. A kişi, sən Allah, boşla! Əzizim, boşla! Atam, boşla! Gözüm boşla! Qardaşım, boşla! Sən Allah, boşla qoysun getsin! Bir mənə de görüm, fikrin nədir? Sən Allah, boşla! Səni tarı, boşla! Hələ bir mənə de görüm, fikrin nədir! Nə qədər xoşbəxt konsul olsan, Ərfəüddövlədən ki, artıq olmayacaqsan?! İndi bir gör o kişinin axırı nə oldu: odur, İstambuldan yazıb Tiflisə ki, “mənim cəmi əmlakımı dəyər-dəyməzə satın, pul eləyin və göndərin qoyum ingilis bankına; ondan ötrü ki, Tehranın millət məclisi yapışacaq yaxamdan və var-yoxumu alıb, xəzinə malı eləyəcək, özümü də məhkəməyə verəcək”. Bir bax gör, əzizim, daha bundan sonra konsulluğun nə ləzzəti? Keçənlər keçmiş ola; hanı indi xeyir-bərəkət?! Həmşəri başını qovzayıb yuxarı, qulaqlarını qırpıdıb; heç yavığına getmək mümkün deyil. A kişi, sən Allah, bir mənə qulaq as. Dünən küçə ilə keçərkən bir həmşərini itələdim, yıxıldı palçığa. Ayağa qalxıb, az qaldı hirslənsin və mənim üstümə elə qabardı ki, deyəsən bu da adamdı? Daha, qurbanət şəvəm, bundan sonra nə konsulbazlıqdı? Allah baisin evini yıxsın! Allah rus-yapon davasını icad edənlərin balalarını mələr qoysun! Hardan çıxdılar o yəcüc-məcüc yaponlar, o adama oxşamayan yaponlar, o iki ulağın arpasını bölə bilməyən yaponlar, o elmi-cəbr və kimyadan xəbəri olmayan yaponlar? Hardan bunlar gəlib, qarışqa kimi töküldülər Mancuriya çöllərinə və başladılar ruslarla zarafat eləməyə. Axırda ac-uc əmələlər gördülər ki, rus hökumətinin başı qarışıb və Şeytanbazar müsəlmanları deyən kimi, yapışdılar xozeyinlərin yaxasından ki, bizim müzdümüzü artırın. Şeytanbazar müsəlmanları doğru deyirlər ki, Rusiya iğtişaşı heç bir şey deyil, məhz məvacib davasıdır. Qərəz, sözümüz orada deyil. Sözümüz orasındadır ki, Rusiyanın müzd davası sirayət elədi bizim İrana, indi də ki, işlər gəlib buraya dayandı. Dəxi ində nə istəyirsən, fədayət şəvəm? Dəxi indi bu camaatdan sən nə gözləyirsən? Yaxşı, hələ tutaq ki, konsul olmaq istəyirsən. Nə eybi var, ol, heç eybi yoxdur. Amma, əzizim, axır bir şeyi yaxşı eləmirsən. Yox, vallah, belə olmaz. Yaxşı, tutaq ki, konsul olmaq istəyirsən. Bəs niyə yatırsan? Pəh, bu yaxşı olmadı! Sən Allah, belə eləmə, küsərəm səndən. Yaxşı, tutaq ki, yuxun gəlir, yatırsan. Nə eybi var? Amma, ay qardaş, bir oyanmaq da ki, axır lazımdı. Pəh, sən Allah, belə eləmə, inciyərəm səndən. Yaxşı, tutaq ki, oyanmaq istəmirsən. Amma axı olmaz! Bura Maku deyil, Naxçıvan deyil. Həmşərilər qoyarlarmı bu qədər yatasan?! Qərəz, ta mən sənə nə deyim. Əgər mənim pəndimi qəbul eləsən, yığışdır püst-pələngi və qoy get Xorasana, Türküstana ya bir özgə yerə. Yoxsa Batumdan mənim gözüm su içmir. Get dolanginə, xamsən hənuz, Konsul olmağa çox hünər gərək. Sən görən deyil Ənzəli, Zünuz, Boylə işlərə baxəbər gərək. Keçdi ol zaman padşahdınız, Padşah nədir, qibləgahdınız, Həmşərilərə bir ilahdınız, İndi bəsdi ta, ta yetər gərək! Bax rəiyyətə, bax gədalərə, Yer-göy ağlayır hər nidalərə, Guş qılginən bir sədalərə, Hər yetimə sən ol pədər gərək. Baxma Əskərə, hər Rizayə sən, Baxma fitnəyə, hər bəlayə sən. Sən rəiyyətə bircə sayəsən, Söyləmə “mənə simü-zər gərək”. Qoyma ağlasın həmvətənlərin, Gözlə onların xeyrin, həm şərin, Söyləsin sənə millət “afərin!”, Etgilən bina bir əsər gərək. Get dolanginən, xamsən hələ, Konsul olmağa çox səfər gərək. Çox da yatmağı etmə məşğələ, Niyyətin olar çün hədər gərək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 dekabr 1906, №39 * * * Meşədə Bekker bir ingilis alimidir. Bu cənab 1889-cu ildə gedib Afrikanın hər bir yerini gəzib. Hər bir meşələrini dolanıb və meşələrdə qalan bəni-noi-bəşərin əhvalatını cəm eləyib ki, axırda bir kitab yazsın. Həmin Bekker bu günlərdə Misirin Qahirə şəhərindən idarəmizə bu məzmunda bir kağız yazıb göndərib: “Molla Nəsrəddin” idarəsinə ərz olsun. Bəndənin xəyalı Afrika məmləkətini gəzib qurtarandan sonra İran və Qafqaz meşələrinə səyahət etmək idi. Amma indi görürəm ki, qocalmışam və dəxi bundan artıq dolanmağa və zəhmət çəkməyə imkanım yoxdur. İndi hazırlaşıram gedəm Londona və orada bir az rahat olandan sonra cahannaməmi yazıb tamam eləyəm. Bununla bərabər, çox təəssüf edirəm ki, İran və Qafqaz meşələrini ziyarət etmək mənə qismət olmadı: hərçənd Afrika meşələrində çox əcayib insanların vəhşi işlərini təfsilən yazmışam ki, oxuyanları heyrət götürsün və mənim kitabıma müştaq olsunlar, amma onu bilirdim ki, Qafqaz və ələlxüsus İran meşələrindəki məxluqat Afrika meşələrində olanlardan geri qalmazlar. Amma bü günlərdə ittifaqən sizin məcmuənizin 39-cu nömrəsi keçdi əlimə. Həmin nömrənin səhifəsində yazılmışdı ki… şəriət dərsinin müəllimi müsəlman uşaqlarının birisinə aşiq olub və uşağa eşqbazlıq şeirləri yazıb və haman şeirləri uşaq göstərib atasına və atası da istəyib müəllimi döysün və müsəlmanlar yığışıb deyiblər ki, “eh eybi yoxdur”. Bu fəqərəni oxuyan kimi mən genə bir xəyala düşdüm ki, inşallah təhiyyeyi-tədarükümü görüb Qafqaz və İran torpağına səfər edəm. Əgər Allah-taala əcəldən aman versə, bir həftədən sonra xidmətinizə yetişərəm və sizin vilayətin meşələrini dolanıb və əhalinin qəribəqəribə işlərindən sizə məlumat verərəm ki, bəlkə təzə ilin əvvəlinci nömrəsindən başlayıb “Meşədəkilər” ünvanında mənim xəbərlərimi çap edəsiniz. Hələ ki, xudahafiz. Sizə duaçı Bekker. Qahirə, 12 dekabr 1906 İdarədən: cənab Bekkerin məktublarını təzə ilin əvvəlinci nömrəsində çap etməyə başlayacağıq. “Molla Nəsrəddin”, 29 dekabr 1906, №39 * * * İdarədən Məcmuəmizin nüsxələri Kitaydan başlamış Vladivastok, Xarbin, London, Parij, Misir və hətta Amerikaya kimi dağılır. O məmləkətlərin hər birində yuxarıda yazdığımız cümə məsələsini oxuyanlar öz könüllərində deyəcəklər ki, gör bu müsəlmanlar nə qədər çalışan, pul qazanan və ticarətə hərisdirlər ki, həftədə bir gün də tətil edib və dükanlarını bağlayıb ibadətə məşğul olmurlar. Bəli, xarici millətlər belə başa düşəcəklər, amma onlar bircə şeyi bilməyəcəklər: Onlar bilməyəcəklər ki, müsəlman aləmində, məsələn, bu cür işlər də çox ittifaq düşür ki, birdən yolun düşür müsəlman bazarına və görürsən ki, dükanların hamısı bağlı. Nə cümə günüdür, nə bazar günüdür (yəni bazar günü insafən müsəlmanlar dükanları açmazlar). Bəli, nə cümə günüdü, nə bayramdı, nə mövlud və vəfati-peyğəmbər, qərəz, heç bir şey yoxdur, amma dükanlar görürsən tamam bağlıdırlar. Belə iş müsəlman içində nəinki həftədə bir dəfə, bəlkə həftədə üçdörd dəfə üz verir. Bir də görürsən ki, məsələn, başmaqçı Usta Həsənin dükanı açıqdı və bir də görürsən ki, Kərbəlayı Məhəmməd qaçaraq özünü soxdu Usta Həsənin dükanına və ləhliyə-ləhliyə, annından tər axa-axa, əl-qolunu tolluya-tolluya, tövşüyə-tövşüyə, kəhildəyə-kəhildəyə Usta Həsənin üstünə hücum çəkib çığırır: Ədə, tez ol dükanı bağla!.. Usta Həsən dik qalxır ayağa, balaca şagirdlər pərənpərən düşürlər və Usta Həsən gözlərini bərəldib soruşur: nə var, Kərbəlayı Məhəmməd? Və Kərbəlayı Məhəmməd genə ləhliyə-ləhliyə çığırır: evin yıxılsın, bağla dükanı tez ol bağla. Genə biçarə Usta Həsən soruşur ki, axır nə olub və genə Kərbəlayı Məhəmməd ləhliyə-ləhliyə çığırır: ədə hələ durmusan? Və genə binəva Usta Həsən yalvara-yalvara soruşur: sən Allah, bir mənə de görüm nə var. Axırda Kərbəlayı Məhəmməd dükandan çıxıb qaçır, bir az uzaqlaşandan sonra çığırır: tez ol dükanı bağla, bu saat gəlirlər. Bu sözləri eşitcək Usta Həsən dəli kimi özün çırpır o taxçaya, bu taxçaya ki, qıfılı tapsın və dükanı bağlasın və qıfılı tapan kimi uşaqların birinə çığırır: Ələsgər, qaç tez Məşədi Sadığa de ki, həyə atı evdəsə tez göndərsin, minim gedim qabağa və deynən ki, atın kirayəsi nə olsa verərəm. Ələsgər Usta Həsənin üzünə bir qədər baxıb başlayır zırınpanı və deyir: hey, dadaş, məni aparmayacaqsan? Usta Həsən görür ki, Ələsgərdən fayda yoxdu və uşaqları dükandan eşiyə salıb dükanı bağlayır və özü də uşaq kimi başlayır qaçmağa. Ey mənim əzizim Zəvzək, mən sənin həmin məktubunu çap eləmək istəmirdim, amma sən ki, məni öz bığlarına and verirsən dəxi qaldım məəttəl. Ondan ötrü çap eləməyəcəkdim ki, qorxuram bu cızmaqaralardan axırda bir nəticə hasil olmaya. Sən ha yaz ki, fılanqulu dükanını cümə günü açmışdı – bir ucdan sən bunu yaz, qoy bir ucdan da Lənkəranda mollalar rüşvət alıb kəbinli övrətləri boşayıb özgəsinə versinlər. Və buna nə deyirsən? Sən indi gəl de ki, buna nə çarə edək, yoxsa cümə məsələsi ötüşər. “Sirişk əzrüxəm pak kərdən çe hasil? Əlaci bekon kəz diləm xun nəyayəd”. “Molla Nəsrəddin”, 29 dekabr 1906, №39 * * * Qazancımız Aşkardı ki, hər iş sahibi ilin axırında çotka və dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. Mən də bir həftə bundan irəli yoldaşlarımı yığdım başıma, qapıları örtdük və başladıq hesab görməyi; necə, məsələn, Ağdamda bir neçə müsəlman bir evdə oturub qapıları bağlayırlar və başlayırlar tədbir qurmağa və sonra gedib hökumətə xəbər verirlər ki, məsələn, flan müsəlman evində tüfəng saxlayır, flankəs keçən vaxtda flan xətanı eləyib. Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə. Məlum oldu ki, biz doqquz ayın müddətində otuz doqquz nömrə “Molla Nəsrəddin” jurnalı yazmışıq və bu otuz doqquz nömrələrin içində yüz otuz doqquz mütrüb şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz məşədi və kərbəlayıları özümüzdən incitmişik. Pəh, pəh, pəh!.. Afərin belə qazanca, afərin belə alış-verişə! Doğrudan bu lap qədim Molla Nəsrəddinin yumurta alış-verişinə oxşadı! Xülasə. Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı ölümüzdən incitmişik. Pəh, pəh, pəh!.. Mərhəba belə alış-verişə! Həqiqət hər kəs bizə ağıllı desə, heç özünün ağlı yoxdu! Qərəz, keçək hesabımıza. Bəli, bu doqquz ayın müddətində otuz doqquz nömrə jurnal cızma-qaralamışıq və bu otuz doqquz nömrədə yüz otuz qumarbaz şəkli çəkmişik və bu şəkilləri çəkmək səbəbindən min doqquz yüz doxsan doqquz mömün hacıları özümüzdən incitmişik. Pəh, sən Allah, bu da bir alış-veriş oldu? Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, ilan oynadan, qüdrətdən həkimlik edən, qeybdən ruzi qazanan, tas quran, burun füləyən, falçı, qaraçı, qulibiyabani, damdabaca, əfsunkar, sehrbaz, kəndirbaz, quşbaz, itbaz, qurtbaz və nağıl, məsələ şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən bütün islam aləminin yüz hissədən doxsan doqquz hissəsi biz ilə düşmən olub. Maşallah belə alış-verişə! Maşallah belə alış verişə! Müxtəsər, keçək hesabımıza. Bəli, yoldaşlarımızla oturduq hesaba, hesab elədik, elədik, elədik, elədik, bir də gördük ki, işıqlanır; necə ki, Qazax şəhərində bəylər axşamdan oturarlar qumara, oynarlar, oynarlar, oynarlar, oynarlar, oynarlar, – bir də görərlər ki, işıqlanır. Buradan bir haşiyə çıxaq: Hərdənbir oturaram və papağımı qabağıma qoyub fikirləşərəm və öz-özümə deyərəm: “Ay rəhmətliyin oğlu, axı bu müsəlmanlardan nə istəyirsən?”, sonra öz özümə cavab verərəm ki, “vallah heç özüm də bilmirəm ki, nə istəyirəm”. Məsələn, dünən yenə Misirdə çıxan “Sancaq” qəzetinin 67-ci nömrəsini qabağıma qoyub oxuyurdum, orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”; yəni: “Müsəlmanların yuxarıdan guruppultu ilə aşağa düşməyi”. Bu məqaləni oxuyandan sonra, yenə öz-özümə dedim ki, axı ay rəhmətliyin oğlu, bu müsəlmanlardan nə istəyirsən? Sonra yenə özözümə dedim: “Vallah bilmirəm, nə istəyirəm”. Hə, bir şey yadıma düşdü, təzə xəbər: Maku sərdarı Murtuzquluxan rəiyyətinə hökm edib ki, bir həftənin içində hər kənd iki yüz kəklik tutub sərdarın toy qonaqlığına gətirsin; əgər gətirməsələr sərdar qonaqlara buyuracaq, hökmə əməl etməyənləri kəklik əvəzinə yesinlər. Amma, öz aramızdır, hürriyyətdən qabaq belə hökmlər çıxmazdı. Dəxi qabili-ərz bir sözüm yoxdu. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 yanvar 1907, №1 * * * Meşədə gördüklərim Cənab Bekkerin səyahətnaməsi Otuz doqquzuncu nömrədən ad verdiyimiz ingilis səyyahı cənab Bekker yanvarın 3-də gəlib Şamaxıya və oradan əvvəlinci dəfə idarəmizə belə məktub göndərib: “Cənab Molla Nəsrəddin! Şükr olsun Allaha, sağ və salamat gəlib yetişdim Şirvan vilayətinə. Xəyalım bir neçə ay Qafqazı dolanmaqdır. Əgər idarənizə göndərdiyim xəbərlər məsləkinizə müvafiq olsa, bundan sonra gahbir Qafqazın bəzi guşələrindən sizə məlumat verə bilərəm. Və lakin əvvəlinci məktubum çap olunmayınca dəxi ikincisini göndərməyəcəyəm. Vəssalam. Molla Nəsrəddin müridi Bekker. Vilayəti-Şamaxı. Məktub nömrə 1. Miladi tarixinin 1907-ci ilində yanvarın 3-də Girdiman çayını keçib, yetişdim Şamaxıya. Amma vaqeən Şamaxı deyilən bir gözəl şəhərdir. Adamları da yaxşı adamdırlar və bizim ingilislərə heç oxşamırlar. Əsl təfavüt burasındadır ki, Şamaxıda mömün və müqəddəs adam çoxdur; demək olar ki, hamısı mömündür. Bununla belə mən bircə işə məəttəl qalıram: niyə burada bu qədər zəlzələ olur? Nədir şamaxılıların günahı? Mənim etiqadım bundadır ki, zəlzələni göndərən məlaikələrdir və güman edirəm ki, cəmi müsəlmanların da etiqadı bunadır. Bir gün burada bir Allah bəndəsi şamaxılı ilə bu barədə söhbət açmışdım. Müşarileyh məni başa saldı ki, yerin rişələri məlaikələrin əlindədir və məlaikələr hansı rişəni bir az tərpətsələr, orada zəlzələ olar. Qərəz, mənim zəlzələ ilə işim yoxdur. Bu işlərin hamısı hikmətdir və mənim əqiləmlə bu işlərə əl aparmağa insanın yolu yoxdur. Bəli, şəhəri bir qədər gəzib, yetişdim qiraətxanaya. Amma burada heç bir kəs yox idi. Çıxdım küçəyə və bir nəfər adamdan qiraətxananın əhvalatını soruşdum. Həmin şəxs mənə cavab verdi ki, yuxarı məhəlləlilər oxuyub, oxuyub yoruldular və dağıldılar evlərinə; o ki qaldı aşağı məhəlləlilər, – onlar da bu qiraətxanaya ayaq basmazlar. Dedim: – Necə aşağı məhəllə və yuxarı məhəllə? – Dedi: – Pəh! Elə də, aşna, sənin heç zaddan xəbərin yoxdu. – Dedim: – Vallah, ay qardaş, mən elə bu gün buraya gəlmişəm və doğurdan da, heç zaddan xəbərim yoxdu. – Dedi: – “Təpik-təpik” bayramından da xəbərin yoxdu? – Dedim: – Necə “Təpik-təpik” bayramı? – Dedi: – “Kömür basdı”dan da xəbərin yoxdu? – Dedim: – Necə “Kömür basdı?” – Dedi: – Eşitməmisən ki, bizim şəhərdə hərdənbir “Təpik-təpik” oyunu oynarlar və şəhər bölünər iki hissə olar və yuxarı məhəllə hücum çəkər aşağı məhəllənin üstünə və aşağı məhəllə hücum çəkər yuxarı məhəllənin üstünə və burada ağsaqqal, qarasaqqal, qırmızısaqqallar da qarışarlar cavanlara və sonra başlarlar bir-birlərini təpikləyib, qarnını yırtmağa və neçəsinin qıçı sınar və neçəsinin başı yarılar və neçəsinin qarnı yırtılar və axırda ya yuxarı məhəllə aşağı məhəlləyə zor gələr, ya aşağı məhəllə yuxarı məhəlləni basar və bunlar qurtarandan sonra yerə kömür basdırırlar ki, gələcək nəvə və nəticələr üçün bu bir yadigar olsun və rəşid babaların şöhrətli adı Şamaxı tarixinin səhifələrindən pozulmasın! Və bunların hamısı keçəndən sonra bu iki məhəllə olar bir-birilə müddəi və bir-birindən intiqam almayınca nə bu onun məhəlləsinə ayaq basar və o bunun qiraətxanasına gələr. Rəfiqim sözünü deyib qurtardı. Cənab Molla Nəsrəddin! Mən bu məktubu yazıb göndərdim sənə və səni and verirəm Allaha, əgər sən bu kağızı oxuyub atsan zibillərin içinə, get həmin kağızı tap və bir də diqqət ilə oxu və oxuyandan sonra bir az fikir elə. Əgər belə olsa, yəqin bu kağızı çap edərsən. Müxlisiniz Bekker. Yanvarın 3-ü “Molla Nəsrəddin”, 13 yanvar 1907, №2 * * * “Nəşri-maarif” cəmiyyəti Nahaq yerə “Kaspi” qəzeti “Nəşri-maarif” cəmiyyətindən giley edir ki, guya cəmiyyət heç bir iş görməyib. Biz buna təəccüb edirik ki, bir yandan “Kaspi” gilay edir, bir yandan da Dəmdəməki müxbirimiz “Nəşri-maarif” cəmiyyəti barəsində idarəmizə hədsiz tərif və təhsinlər yazıb göndərir. Məsələn, Dəmdəməki yazır ki, cəmiyyətin bu saat on doqquz min manat pulu var və inşallah bir-iki ayatək bu on doqquz min manat iki yüz min manat gərək çatsın və yazır ki, cəmiyyət mükəmməl bir mətbəə sazlayıb və yüz on yeddi cavan müsəlman müəllimlərinə məvacib verir ki, məhz təlim və tədrisə dair kitabçalar tərcümə eləsinlər. Bir yandan “Kaspi” “Nəşri-maarif” cəmiyyətindən şikayət edir, bir yandan da Dəmdəməki yazır ki, darülfünunlardan başlamış hətta kənd məktəblərində oxuyan iki yüzə qədər kasıb tələbə və şagirdlərin xərcini cəmiyyət öz öhdəsinə götürüb. Təəccüb etmək lazımdır ki, elə ha “Nəşri-maarif”dən şikayət eşidirik və halonki müxbirimizin yazmağına görə “Nəşri-maarif” cəmiyyəti qərar qoyub ki, “Dəbistan” və bir para qeyri qəzetləri cəmiyyətin xərcilə məccanən paylasınlar cəmi müsəlman məktəblərinə, kənd mollalarına, kasıb tələbələrə və qəzet oxumağa talib olan kasıb müsəlmanlara. Qərəz ki, heç bilə bilmirik, kim yalan deyir və kim doğru deyir, amma biz bunu yəqin bilirik ki, “Nəşrimaarif” cəmiyyəti çox zorba işə oxşayır. Allah bədnəzərdən saxlasın. “Molla Nəsrəddin”, 13 yanvar 1907, №2 * * * Yuxu Puf, kuf, fuf… A kişi, bilmirəm bu hövlnak yuxular nədir ki, mən görürəm… (tuf, tuf, tuf, Sərdar Mənsurə…). A kişi yatmışdım, neyləmişdim, onda gördüm bir haf-huf anqırtısı gəlir, hərdəm deyir mmm məgə məgə məgər məra nəmişünasi? Yerimdən qalxıb can basdım anqırtı gələn səmtə. Yetişdim gördüm gülüm nanay, nay nanay, sərdar nanay day dalay… Qərəz, hə onda gördüm ki, cəhənnəmimizin qapısında bir nəfər sərdari-şərarətmədar, şəqavətasar, səlabət və şücaətdə misli-himar saxlayıblar. Hərdəm buna deyirlər: gir yuvana heyvan… Sərkarın qeyzi tutub elə bilir ki, bunlar Pəştin kələklərindəndir, birdən o sərdari-murdar, rəisi-tüccar, sərkərdeyi-küffar, kilabi-üqar kimi bir silkinib haffıldadı: “Pəsəra, məgər məra nəmişünasi?”. Dedilər: məgər sən kimsən? Dedi ki, mən…Mən küllikar Mirzə Fətulla xanam ki, əvvəl səglər səgi-Rəşt budəm və həmin mənsəbra bəd əz-salha şəbizindədari… və raşnə mali… və rəxtxabəndazi çinin bədəst avürdə budəm nə beasani… Bəs ki, dəndanhayəmra əz-zərb la-yəzrəb didəm (uj) zərbi-fişar dadəm bəçeşmhayəm sürxi amədə … Ta səglər səgi şüdəm salha dəst zənani-bisahibra-giriftə bəxaneyiin və an əz-əyan bürdəm (cəhəti-kəfalətha, nə xəyali-digər…) şüdəm əbili-tunban (yəni əmiri-tuman) dər həmin mənsəb həm qərnha çəndən ətfali-sadə dər dəsti-badəra bəxəlvətxanəhayi-ağlayan bürdəm (bər bəstha ki, xaricə nəbinəd, nə bekari-digər). Ta şüdəm salar əbkəm (salar əfxəm). Vəli in mənsəbra ki, hala darəm kafdari-məkfur (sərdarimənsur) əz bərəkəti-batini-abi-şur ki, mahiyan cürbəcür başəd əzdövləti dühəzari-hayi-şəmşirdar müsyö Lyazanov ta inra güft fəryad kərd “Lyazanov, Lyazanov”. Onda gördüm cəllad ərzəq çeşmi-diraz dəndan, bəli, bəli, Sərdar qayıtdı: Lyazanov, o şəxslər ki, füqəradırlar, öz yeməklərinə balıq tuturlar, məbada-məbada balığın birin onlara altı şahıdan artıq hesab edəsən ha! Gədə, bu axmaq uşağına hürriyyət verildi, birdən xudanəkərdə hürriyyətin annarlar, onda sənin hənavı mənim saqqalıma, mənimkin sənin rüşvətüvi yeyənin bığlarına yaxarlar. Ondan sonra qayıtdı ki, xub ağayi inkir-minkir bərdarid inhara məravil künid. Axır on rədərsuxtə şərüfil şərüfil-üləma himariz-zakirin həzaran dəfə vəqti-iftar bədəhəni-ruzə dər məhzər divist nəfər ağayani-Rəşt ki, ümumən dər həmin cayənd əgər bavər nədarid dərra kəşudə və pürsid beqül-hüvəllah bərənchayi-sədri püxtə hazir iftar qismha xurdəənd ki, sərdar şüma dər əla dərəceyi-illiyyin ba-hurüleyn xahid şüd. Didəm əz əndəruni-cəhənnəm sədaha miayəd ki, sərdar, sərdar befərma befərma, dər-incayəm, nə tənha beşümə həmə on qismhara xurdeyim: hə, maliklər dedilər ki, bu pulları bizə niyə verirsən? Əgər verirsən, sənə biz də mənsəb verək. Biz bularsız da veririk: Fironül-mülk ya Şəddadül-əyalə ya Dəyyusülməmalik… ya əgər verirsən ki, səni xilas edək, olmaz, gir oda, gir, gədə, gir, gir! Heyvan, gir, gir, gir”. Elə onu anqırtıynan atanda onun səsinə oyandım. Odur ki, Sırtıq ola-ola adım Dəli oldu. Dəli “Molla Nəsrəddin”, 13 yanvar 1907, №2 * * * Həmşəri Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”. Bu kağıza otuz həmşəri qol çəkib. Ey həmşərilər, ey mənə kağız göndərən otuz nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm. Mən indiyə kimi heç bilməzdim həmşəri nədir; mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, hambaldır, kankandır, biçinçidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulambarçıdır. Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur; amma heç bilməzdim ki, həmşəri də adamdı. Əvvəllər İranın bir kəndinə yolum düşəndə görərdim ki, o kəndin ağası, ya mollası buğdanı doldurub ambarlara, amma kənddə rəiyyət görsənmir. Soruşardım: “bunlar hara gedib?”, cavab verərdilər ki, “acından dağılıblar Rusiya torpağına”. Bu işləri görəndə mən elə bilərdim ki, həmşəri adam deyil; elə bilərdim ki, həmşəri araba atı kimi bir heyvandı. Əvvəllər həmşəriləri təziyə məclisinə, ya qeyri məclislərə qoymayanda, həmşərilər çömbələrdilər qapının astanasında və dinməzsöyləməz oturub başlarını salardılar aşağa və öz-özlərinə deyərdilər: – Allah, şükr olsun dərgahına! Mən o vədələr elə bilərdim ki, həmşərilər qoyun-quzudurlar. Amma indi Bakıda həmşəriləri təziyə məclisinə qoymayanda, götürüb Molla Nəsrəddinə şikayət yazırlar. Ey mənə kağız yazan həmşərilər, açın qulağınızı və görün mən sizə nə deyirəm! Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl eləyəsiniz. Əvvələn, ay İrani-viranın xaki-pakının yetim balaları həmşərilər! Əvvələn, gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məhəmmədvəli gərək yapışsın Həsənin əlindən, Həsən – Kərbəlayı Qasımın əlindən, Kərbəlayı Qasım – Usta Cəfərin əlindən, Usta Cəfər – Məşədi Haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən; yəni birləşsinlər! Saniyən, ey mənim yoldaşlarım, cırıq-mırıq həmşərilər! Elə ki, bir-birinizin əlindən yapışdınız, o vədə, söz yox ki, yenə mənə kağız yazıb soruşacaqsınız ki, “indi bəs nə eləyək?” və o vədə mən sizə bu sözləri yazacağam; mən sizə yazacağam ki, keçən vaxtlarda vətənpərəsti-həqiqi və alimi-yeganə cənab Mirzə Melkumyans məzlumlar barəsində bir kitab yazıb; mən sizə yazacağam ki, tapın həmin kitabı və açın qabağınıza və oxuyun. Oxuyandan sonra həmin kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin tarmar vətəninizə və orada açın bir tərəfdə həmin kitabı və bir tərəfdə İbrahim bəyin “Səyahətnamə”sini, oxuyun, oxuyun, oxuyun! Və oxuyandan sonra bir qədər fikir edin. Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım həmşərilər! Əgər istəyirsiniz ki, sizi də adam bilib məclislərə qoysunlar, gərək mənim bu nəsihətlərimə əməl edəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı bundan başqa sizdən ötrü nicat yolu yoxdu. Bircə sözüm qaldı. Qorxuram İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. Yox, İranın hürriyyətinə çox da bel bağlamayın! Yaxşısı budur qulaq asın, görün bizim “Hop-hop” bu barədə nə deyir: Nolur şirin məzaq etsə məni həlvayi-hürriyyət, Yesəm bir loğma ondan, söyləsəm oxqay, hürriyyət! De xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət. Yığıb da doldururlar kisə-kisə bağlanır möhkəm, Vururlar tillə dağdan da aşır balayi-hürriyyət. Zibəs çoxdan bəri mövqündə idim mən bu həlvanın, Dedim: yaran, nolur versəz mənə bir payi-hürriyyət! Sözüm xoş gəlməyib təhvildarə söylədi: Güm şov! Bədəsti kutəh ən nəxl məcu xurmayi-hürriyyət! Nəmidani ki, in dilbər bu gün məxsusi-İran əst, Tü xud naməhrəmi bər şahidi zibayi-hürriyyət? Kəmali-yəs ilə məhrum olub bir yanda əyləşdim, Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət. Svistok qışqırıb kəşti rəvan oldu, baxırdım mən, Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət – Ki nagəh bir qara bayraq açıldı dor ağacında, Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. Oxurkən xətti məlum oldu: kəştibanı qərq olmuş, Qalıb dəryada heyran kəştiyi-dəvayi-hürriyyət. Xüruşan mövclər hər səmtdən yeksər hücumavər, Görüb əmvacı kəştidən ucaldı vayi-hürriyyət! Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım, Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət! Molla Nəsrəddin “Molla Nəsrəddin” 19 yanvar 1907, №3 * * * Lüğəti-molla Nəsrəddin İndi hürriyyət zəmanəsi olmağa görə biz lazım bilirik ki, hürriyyətə dəxli olan bəzi çətin sözləri məna eləyək ki, oxucularımız oxuyanda başa düşsünlər. Hürriyyət – yəni azadlıq, yəni hər bir kəs hər nə eləsə azaddır. Məsələn, İranda bir tərəfdən millət vəkilləri yapışsınlar vəzirlərin yaxasından ki, gərək bizim iznimiz olmamış heç bir qərardad eləməyəsən, bir yandan da hökumət qərar qoyur ki, məcmuələri yandırsınlar. Üzv – yəni bir-birinin boğazını üzmək. Bəzi məmləkətdə millət məclisi yapışıb hökumətin boğazını üzür, bəzi yerdə də hökumət yapışıb millət məclisinin boğazını üzür. Nitq – yəni beistılahi-rus, “nitka” kimi (yəni sap kimi) uzun-uzadı söz danışmaq. Əncümənyəni incimə məndən. Məlum şeydir ki, bir neçə adam bir yerdə cəm olanda orada bir inciklik çıxır. Məhz bu səbəbdən indiyətək müsəlman içində bir yerə yığışmaq məsləhət görülməyib. “Molla Nəsrəddin” 19 yanvar 1907, №3 * * * Meşədə gördüklərim (Bekkerin səyahətnaməsi) Məktub nömrə 2. Yanvarın 16-sında gəlib çıxdım Bakıya. Bakının özgə işlərindən yana heç bir söz danışmaq istəmirəm. Ondan ötrü ki, Bakı bir şöhrətli vilayətdir, yer üzündə Bakını tanımayan adam yoxdu. Amma bu gün burada bir möcüzə üz verdi, əgər başağrısı olmasa, bu barədə sizə bir neçə söz yaza bilərəm. Bəli, yanvarın 16-sında yetişdim Bakıya və Təzəpirin yanında bir mənzil kirayə elədim; çünki xəyalım bir ayadək burada qalmaqdır. Bəli, axşam oldu. Oturmuşdum evdə və “İrşad”ın 14-cü nömrəsini oxuyurdum. İran xəbərlərindən bunu oxudum ki, Astarada naibülhökumə on ildir ki, qəssablardan hər qoyuna on şahı və hər mala bir qran bıçaq pulu alır və bu da yazılmışdı ki, İran və Astara müəllimxanalarında uşaqlar əbcədin heccəsini, maşallah, səkkiz ildə qurtarırlar. Elə bu əhvalatı oxumaqda idim, gördüm ki, parta-part düşdü. Qapıya çıxıb gördüm ki, adamlar qaçışırlar və evlərin qapı-pəncərələri bağlanır. Başımı yuxarı qalxızıb gördüm ki, hər evin damının üstündə bir neçə əli tapançalı durub atır. Mən bu işlərə çox təəccüb eləmədim; çünki eşitmişdim ki, Bakı vilayətində hərdənbir dəstə davası düşər, hərdənbir erməni-müsəlman davası düşər, hərdənbir bikarçılıq davası düşər. Bu heyndə bir qoca kişi yavaş-yavaş gəlib, istədi mən durduğum qapıdan keçsin. Mən bu kişidən soruşdum ki, “ey əmi, sən Allah, mənə de görüm, bu dava ki, başlanıb, nə davasıdır?” Qoca kişi mənə cavab verdi ki, “dava-zad yoxdur, ancaq ay tutulub”. Dedim: “Bəs top-tüfəng atmağın nə mənası?” Qoca kişi mənə cavab verdi ki, “ayın qabağını kəsən cinlər, şəyatinlərdi. İndi onlar hamısı top-tüfəngin səsinə qorxub qaçacaqlar və ayın qabağı açılacaq”. Qəribəsi budur ki, bir az keçdi, hava başladı işıqlanmağa və ay təmamən görsəndi. Çox təəccüb! Mən nə qədər şükr edirəm ki, bu vilayətlərə gəlib, nə qədər işlər öyrəndim və nə qədər elmim artdı, nə qədər təcrübə hasil elədim. Yoxsa bizim axmaq ingilislər guya öz aralarında bir kosmoqrafiya elmini icad eləyiblər və ay tutulanda deyirlər ki, yer durur ay ilə günün qabağına və qoymur işığı düşsün ayın üstünə. Bu sözlərə mən bundan sonra inanmayacağam. Ondan ötrü ki, əgər cin-şəyatin söhbəti yalandırsa, bə niyə topun, tüfəngin səsinə ayın qabağı açıldı? Həmçinin günün tutulmağı. Deyirlər ki, yanvarın onunda Bakıda gün tutulanda buranın qız məktəbində qızlara dua oxutmasaydılar, gün açılmayacaq idi. Cənab Molla Nəsrəddin! Mən məktubu qurtarıram və həmin məktubun bir surətini də göndərirəm ingilis qəzetlərində bu xəbəri yazsınlar. Amma bunu da indidən deyirəm ki, mənim vətənimdə mənim bu sözlərimə inanmayacaqlar; yəni inanmayacaqlar ki, ay tutulanda adamlar dam üstə çıxıb, tüfəng-tapanca atsınlar və əllərinə daş alıb, mis qabları çalsınlar. Dəxi mən neyləyim, canları cəhənnəmə! İnanacaqlar inansınlar, inanmayacaqlar inanmasınlar. “Molla Nəsrəddin”in müxbiri Bekker Bakı, 22 yanvar “Molla Nəsrəddin”, 27 yanvar 1907, №4 * * * Məhəmmədəli şah və bütpərəstlər Məhəmmədəli şah İran təxtü-tacını qəbul edəndən bəri idarəmizə Təbrizdən bir neçə dəfə kağız yazıb soruşublar ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah İran millətinin yolunda nə xidmət göstərib ki, biz onun şəklini məcmuəmizdə çəkək? Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan artıq dəxi nə xidmət olar ki, Məhəmmədəli şah nə qədər ki, Təbrizdə vəliəhd idi, göyçək uşaqlar küçəyə çıxa bilməzdilər? Kağız sahiblərinə biz cavab verdik ki, bunun eybi yoxdu. Bir az keçdi, yenə Təbrizdən yazıb soruşdular ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah vətən uğrunda nə bir yadigar qoyub ki, biz onun şəklini məcmuəmizdə çəkək? Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan yaxşı dəxi nə yadigar olsun ki, Məhəmmədəli şah bir neçə il Təbrizdə qalmaq ilə İranın dağlarını və daşlarını çörək əvəzinə yedirtdi Təbriz əhlinə ki, ingilis hökumətinə dəxi bir şey qalmasın? Kağız sahiblərinə biz cavab verdik ki, bunun da eybi yoxdu. Bir az keçdi, Tehrandan bizə kağız göndərib soruşdular ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə bir cavab verdik ki, təzə padşah məşrutiyyət yolunda nə ciddü cəhd edir ki, biz onun şəklini məcmuəmizdə çəkək? Bu barədə bizə Tehrandan “Məclis” ruznaməsinin 32-ci nömrəsini göndərib yazdılar ki, bundan artıq nə ciddü cəhd olar ki, təzə padşah Təbrizdən on iki min nəfər “şahsevən” quldurlarını aparıb düzüb ətrafına və məclisin üzvlərinə yol vermir ki, şahın hüzuruna yetişib, zinadan törəmiş vəzirlərin xəyanətini padşaha ərz etsinlər? Biz kağız sahiblərinə yenə cavab verdik ki, bunun da eybi yoxdur. Sonra yenə bizə Təbrizdən və Tehrandan yazdılar ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik və halonki Təbriz və hətta Qafqaz ruznamələri təzə padşahın şəklini də çəkirlər və hələ onun şənində tərif və təhsinlər də söyləyirlər. Kağız sahiblərinə biz cavab verdik ki, bunun da eybi yoxdu; ondan ötrü ki, müsəlman ədibi və mühərriri əlinə qələmi götürəndə bir böyük və nüfuzlu adamın barəsində mədh və səna yazmasa, yəqin ki, bijdi və atasından-anasından xəbəri yoxdu. Bu səbəblərə görə biz Məhəmmədəli şahın şəklini çəkmək istəmirdik. Amma bu günlərdə Təbriz mətbuatının dürr və cavahirlərindən bir nüsxə keçdi əlimizə. Həmin vərəq Təbrizdə nəşr olunan “Milli” ruznamənin bir nömrəsidir. Bu nömrənin məzmunu başdan-ayağa ibarətdir təzə padşaha dua və sənadən və ona ibadət etməkdən. Ruznamə sahibi həmin nömrədə yazır ki, bu nüsxə iranlılar üçün bir tilsimdir: hər kəs bunu bir parça içinə büküb, sol qolu üstə tiksə, cəmi xətadan və bəladan məhfuz olar. “Milli” ruznamənin müştəriləri vaqeən çox xoşbəxtdirlər, o səbəbə ki, Avropa aləmində indiyədək heç bir ruznamə müştərilərinə bir belə hədiyyə göndərməyib. Möhtərəm “Milli” ruznaməsinə baxıb biz də Məhəmmədəli şahın şəklini çəkdik və Bakı mahalındakı Novxanı pirinə and içirik ki, əgər Astarada İran rəiyyəti həmin şəkli bir parça içinə büküb, sol qolu üstə tikə və İran məmurları gəlib həmin rəiyyətdən iki yüz əlli tümən vəliəhdin taxta əyləşməyi üçün müjdə tələb edə, həmin saat məmur daşa dönər və rəiyyətin yaxası qurtarar. Bu şərt ilə ki, hərdənbir padşahın şəklini parçanın içindən çıxarıb qoya qabağına və deyə: “heyif olsun sənə, ey mənim gözəl vətənim!” “Molla Nəsrəddin”, 3 fevral 1907, №5 * * * Tapmaca “Dəbistan” jurnalının əvvəlinci nömrəsinin 16-cı səhifəsində bir belə tapmaca yazılıb: Üçü bizə yağıdır Üçü cənnət bağıdır Üçü yığıb toplasa Üçü durub dağıdar. Bu tapmacanı yazıb “Dəbistan”jurnalı xəbər verir ki, Salahlı kəndində Qurban bayramında Qarabağ aclarına yığılan pulların bir qədəri veriləcək haman tapmacanı tapan adama. İdarədən: Biz bu tapmacanı tapdıq: “Üçü bizə yağıdır” – Bunlar Təbrizdə üç nəfər məşrutəçilərdi: Mirzə Cavad, Mirzə Hüseyn və Mirzə Ələkbər. Bunlar bizə ondan ötrü yağıdır ki, gündə camaatı məscidə cəm eləyib başlayırlar hürriyyət, mürriyyət sözləri ilə xalqın ağlını çaşdırmağa. “Üçü cənnət bağıdır” – Bunlar da İmam Cümə, Fəxrül-üləma və Saidül-mülkdür. “Üçü yığıb toplasa”-Bunlar da Məhv şəhərinin üç nəfər ağsaqqalıdır ki, hər il məscid və qəbristan adına fəqir və fürqəradan beş-altı yüz manat yığırlar və heç kəs də bilmir ki, pullar necə olur. “Üçü durub dağıdar” – Bunlar da Gəncədə üç nəfər dua yazan molladır ki, bir müsəlmana rus həkimi dava verəndə xəbərdar olub kəsirlər naxoşun başının üstünü və dava şüşələrini vurub dağıdırlar. “Molla Nəsrəddin”, 3 fevral 1907, №5 * * * Baş yarmaq “İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasim otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”. Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund şeyx Məhəmmədcavad, axund hacı Qəvam, axund hacı molla Ağa, hacı Mirmöhsün, axund molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”. * * * Bir il bundan qabaq bu sözləri mən yuxuda görsəydim və gedib qonşuluğumuzda molla İbrahimə desəydim ki, mənim yuxumu təbir elə, yəqin ki, molla İbrahim mənə deyərdi: “Sən yuxuda dəli olubsan”. Yazıq camaat, biçarə avam, yazıq müsəlman milləti, binəva müsəlmanlar! Dəxi nə oyun qaldı ki, biz mollalar sizin başınıza gətirməmiş olaq?! Biçarə müsəlmanlar! Bir gün deyirik: “qatıq ağdır” – deyirsiniz: “bəli”. Sabah kefimiz istəyəndə deyirik: “qatıq qaradır” – deyirsiniz: “bəli”. Yazıq müsəlmanlar! Bakıda qazılar buyururlar ki, “baş yarmaq günahdır”, – deyirsiniz: “bəli”; Naxçıvanda buyururlar ki, “yarmamaq gunahdır” – deyirsiniz: “bəli”; Ərdəbildə axund mirzə Abdulla buyurur ki, “qardaşın övrətini almaq və yetimlərini küçəyə salmaq savabdır” – deyirsiniz: “bəli”; Danabaş kəndində molla Cəfərqulu buyurur ki, “bığların qabağını vurdurmamaq həramdır” – deyirsiniz: “bəli”. Biçarə müsəlman milləti! Bəli, Bakı qazıları, buyurursunuz ki, baş yarmaq günahdır! Çox əcəb! Bəs indiyədək bu sözlər harada idi? Bəs bildir nə deyirdiniz? Bə üç il bundan irəli niyə dəstə qabağında dolanırdınız və baş yaranlara deyirdiniz: “Ədə, kərbəlayı Həsən, bərk vur!” Bəs niyə əlinizə dəstmal alıb, ağköynəklərin qanını silirdiniz ki, gözlərini açıb, bir də başlarına vursunlar? Bəs niyə razı olurdunuz biçarə hammallar, fəhlələr və Allahın kasıb bəndələri öz əlləri ilə özlərini naxoş eləyib, aylar ilə müalicəyə möhtac olsunlar və kəsbi-ruzidən qalsınlar? Bəs niyə razı olurdunuz əcnəbilər tamaşaya gəlsinlər və müsəlmanların bu cür işlərini görüb və əkslərini götürüb, kitablar bağlasınlar və tamam yer üzündə bizi “vəhşi” adı ilə adlandırsınlar? Yazıq müsəlmanlar! Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim xəyalıma gəlmir ki, orada bir ruhani, ya bir alim çıxa minbərə və ağzını göyə tərəf açıb deyə: “Bəli, belədir, qurbanın olum”. Mənim yəqinimdir ki, əgər Bakı camaatının yerinə Pataqoniya camaatı da olsaydı, ya Sibirin meşədə yaşayan tayfalarından biri olsaydı, yenə mollaların bu sözlərinin qabağında bir cavab verərdilər; deyərdilər ki, “axır, ay ağalar, bu nə sözlərdi danışırsınız? Bu yekəlikdə zarafat olmaz. İndiyədək bizə buyururdunuz: “Müsəlmançılıq ibarətdir baş yarmaqdan və mollalara sitayiş etməkdən”. Amma indi özgə cür danışırsınız. Bizi ələ dolamamısınız ki?!” Biçarə müsəlmanlar! Bəli, bəli, müsəlman qardaşlar, axırda gələcəksiniz mənim sözümə: mən bir neçə ay bundan qabaq demişəm ki, mollaların hamısına bel bağlamayın; mən demişəm ki, onların içində həqiqi molla, yəni doğruçu molla çox azdır; mən sizə demişəm ki, özünüz dərs oxuyunuz və görünüz ki, dünyada nə var, nə yox. Demişəm ki, yalançı mollaların sözünə aldanmayınız. Bəli, müsəlman qardaşlar, indi Bakıda sizə qazılar deyirlər ki, müsəlman kitablarında baş yarmaq yazılmayıb; amma bir il bundan qabaq sizə deyirdilər ki, müsəlmanın yetmiş iki min kitabı var və bu kitabların əsl və mötəbəri “İxtiyarat” kitabıdır və bu kitabda yazılıb ki, Təbrizin kənarında bir çeşmə var ki, hər baş yaran gedib bu çeşmədə başının yarasını yusa, haman dəm yarası yaxşı olar. Amma indi bu sözlər hara, o sözlər hara!!! Hələ nələr görəcəksiniz! Nələr eşidəcəksiniz! Yazıq müsəlmanlar! “Molla Nəsrəddin”, 10 fevral 1907, №6 * * * İrəvan seminariyası və qazının nitqi İrəvan müxbirimiz “Anaş qurbağa” İrəvan qazısı Axund Molla Məhəmməd Bağır Ağa Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti: “Ey qraf ağa, sən Allah bir insaf elə, axır bu seminariya ki, İrəvanda var, axır buyur görək bunu kimdən ötrü hökumət açıb? Əgər buyursanız ki, İrəvan camaatından ötrü açıb, elədə bəs di buyur gedək seminariyaya və dəftəri tökək qabağımıza, baxaq görək ildə müsəlmanlardan neçə uşaq müəllimliyə çıxır. Di buyur zəhmət çək, gedək bax. Mən özüm bu seminariyada qırx səkkiz ildir şəriət dərsi deyirəm və nə zəhmətlər çəkmişəm. Mən gündə seminariyada iyirmi-otuz kafir və murdar uçtellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. İndi gör işin axırı nə yerə çatıb. Bir yerdə ki, müsəlman istəyir məktəb açsın – müəllim yox. Odur “Quylarda” mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın. Ay qraf ağa, axı belə olmaz, bizim camaat yazıqdır, niyə seminariyanı doldurublar rus uşaqları ilə? Axır mənim qeyrətim qəbul eləmir ki, bu işlər belə olsun! Axır yazıq camaatın ümidi və göz dikəcəyi mənim kimi rəislərdi!”. İdarədən: Hələ əvvəl bunu deyək ki, Allah cənab qazı ağa kimi millətpərəstlərin kölgəsini bizim başımızın üstündən əskik eləməsin, yainki bizim başımızın üstünü bunların kölgəsindən əskik eləməsin. Amin, ya müin! İndi gələk İrəvan seminariyasına. İndi düz iyirmi beş ildir ki, həmin seminariya İrəvan şəhərində açılıb ki, oradan erməni və müsəlman müəllimləri çıxıb kəndlərdə müəllim olsunlar. Bu iyirmi beş ilin müddətində İrəvan seminariyasından səkkiz nəfər yarım müsəlman uşağı şəhadətnamə alıb və müəllimliyə çıxıb. Demək, hər il bir müsəlman uşağının üçdən biri müəllimlik şəhadətnaməsi alıb. Amma əvvəldən axıradək İrəvan seminariyası rus uşaqları ilə dolu olub. Həmin rus uşaqları seminariyanı qurtarandan sonra gediblər, məsələn, Danabaş kəndinə müəllimliyə. Kəndlilər də elə biliblər ki, uçtel gəlib uşaqları tutub saldat aparsın və qorxularından uşaqları kərmə qalaqlarının içində gizlədib, uçtelə deyiblər ki, “bizim kənddə heç qədimdən uşaq olmaz”. Axırda da ki, indi kəndlilər daş atırlar. Bu saat İrəvan quberniyasında Sürməli mahalından savayı heç yanda müəllim tapılmır. Sürməli mahalının müəllimlərinin sözünü danışmırıq: bunlarınki Allah vergisi kimi bir şeydir. Amma di gəl Naxçıvan vilayətinə. Pəh, pəh, pəh!.. Məsələn, “İtqapan” kəndinin müəllimi – Mirzə Heydərdir ki, əvvəl İrəvanda pambıq alış-verişi elərdi və kəndlilərdən pambıq alanda bir çəkisində qazanc edərdi, bir də hesab görəndə. “Qurbağalı” kəndinin müəllimi – Kərbəlayı Qasımdı ki, Naxçıvanda iki il bundan irəli fayton sürərdi. Danabaş kəndinin müəllimi… Hələ bunlar qalsın… Demək ki, müəllim tapılmır; ondan ötrü ki, seminariyadan üç ildə hıqqana-hıqqana bir müsəlman müəllimi çıxır. Yenə Rusiyada ildə bir Duma çıxır, amma burada ildə bir müəllim də çıxmır. Ondan ötrü ki, seminariya doludur sarı-sarı rus uşaqları ilə. Allah Miropyev direktorun vücudunu bibəla eləsin ki, neçə il bundan irəli İrəvan seminariyasında direktor idi. Bir müsəlman uşağı gəlib ərizə verərdi ki, mən istəyirəm seminariyaya girəm, cənab Miropyev əyilib diqqətlə baxardı cavanın üzünə və ərizəsini qaytarıb verərdi və deyərdi: bala, səni götürə bilmərəm; ondan ötrü ki, qaşın qaradır. Haman cənab Miropyevdir ki, indi Qori seminariyasında da müsəlmanlara şəriət dərsini rus dilində oxudur. Amma sədaqətlə ərz edirəm, qaziyi-vilayəti-İrəvan cənab Molla Məhəmməd Bağır ağa bu iyirmi beş ilin müddətində İrəvan seminariyasında şəriət dərsi deyə-deyə və ildə doqquz yüz manat məvacib alıb, murdar manatları sabun ilə yuya-yuya əziz ömürlərini millət yolunda fəda ediblər. Bəli, seminariya iyirmi beş ildir açılıb. Bu iyirmi beş ilin müddətində iyirmi iki min beş yüz murdar manat doldu kisəyə, səkkiz yarım müsəlman müəllimi dağıldı o yana-bu yana və axırı… Axırda İrəvan camaatının başçıları Məhəmməd Ağa Şahtaxtinskiyə dedilər: – Əgər sən Dumada padşah tərəfdarı olsan, biz səni özümüzə vəkil seçərik, olmasan, – bizə lazım deyilsən! Axırda da belə oldu. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 fevral 1907, №7 * * * İdarədən Oxucularımızın bir parası yazıb bizdən soruşurlar ki, nə səbəbə ingilis səyyahı Bekker dəxi Qafqaz meşlərindən bizə xəbərlər yazıb göndərmir. Bunun səbəbi budur ki, cənab Bekker əvvəlinci məktubunu bizə göndərəndə şərt qoymuşdu ki, göndərdiyi məktubların biri çap olunmayınca dəxi o birini göndəməyəcək. Biz Bekkerin axırıncı məktubunu çap edə bilmədik və bu cəhətə dəxi Bekker bizə bir şey yazıb göndərmir. Bekkerin məktubunu çap etmədik, ondan ötrü ki, inanmadıq ki, məktubda yazılan əhvalat Qafqaz meşələrində üz vermiş ola. Məktubun məzmunu budur: Meşədə gördüklərim Bir gün Bakıda bir evin qabağından keçirdim – gördüm bir belə səs gəlir: Ay ağa aman günüdür, məni bağışla, yazığam... Evin qapısına baxıb gördüm ki, qapının yuxarısında yazılıb: “Müsəlman məktəbi”. Mən əvvəl elə bildim ki, əlbət uşaqların birinin ayaqlarını qoyublar Molla Şükürün falaqqasına. Girdim içəri. Nə gördüm? Gördüm ki, bir zorba kişi yapışıb bir zəif kişinin yaxasından və çəkir küçəyə və iyirmi-otuzadək adam tökülüb bu zəif kişini döyürlər. Bir az da qabağa yeridim ki, görüm bu adamlar bu biçarədən nə istəyirlər. Bir şey başa düşmədim, ancaq bunu eşitdim ki, zorba kişi biçarənin peysərindən vura-vura deyir: “Bayıra çıx, filan-filan şüdə, bizə müsəlman müəllim lazım deyil”. Bu biçarə də elə hey yalvarır ki, ay qardaşlar, rəhminiz gəlsin mənə, qoyun çıxım gedim. Amma əl çəkirlərmi? Kötək kötək üstündən gəlir... Müxtəsər, yazıq kişini saldılar küçəyə”. Bekker bizə göndərdiyi axırıncı xəbər həmin bu xəbərdir ki, çap etməmişdik. Hərçənd Qafqaz meşələrində olan işlər heç Amerika meşələrində də ola bilməz, amma genə ağla sığışmır bir nəfər aciz və fəqir və həqir və müsəlman aləmində vücudu bir qarışqa mənzələsində olan müəllimin üstünə iyirmi-otuz əliçomaqlı tökülüb döyə-döyə məktəbdən sala eşiyə. * * * Ay yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, “bu rəhmətlik Molla Nərəddin bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Germaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar!”. Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz! İmzasız “Molla Nəsrəddin”, 17 fevral 1907, №7 * * * Binamusluq Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan axıra kimi müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, “ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri millətlər kimi tərəqqi et…”. İndi dünyada heç bir müsəlman qəzeti yoxdur ki, bu cür haray-dad eləməsin. İndi müsəlman aləmində heç bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. İndi Azərbaycan və Tehranda heç bir mücahid və millətpərəst yoxdur ki, deməsin: “Ey biçarə müsəlman, oyan xabiqəflətdən!..”. Bəli, qəzetlər və məcmuələr belə yazırlar, mücahidlər və millətpərəstlər belə buyururlar və bu sözləri oxuyanlar da və eşidənlər də bir-birinə baxıb, öz-özlərinə deyirlər: “Pəh, pəh! Nə gözəl yazıb! Pəh, pəh! Nə gözəl danışır!..”. Amma mənə qalsa, mən, Molla Nəsrəddin, deyirəm ki, bu sözlərin qiyməti bir dənə çürük qəpikdir. Ondan ötrü ki, bir şəxs bir sözü danışanda lazımdır ki, o sözü bəyan eləsin, açsın, o sözə isbat və dəlil gətirsin, yoxsa boş-boş söz danışmağa nə var? Onu cicim də danışar. Bəli, ağzı qəşənglər buyururlar ki, “ey biçarə müsəlman, xabiqəflətdən oyan!”. Çox gözəl, bəs burada lazım deyilmi ki, mətləbi açmaq və sözü bir az açıq danışmaq? Yəni necə “xabi-qəflətdən”? Məgər müsəlman xabi-qəflətdədir? Nə eləyib yazıq müsəlman ki, xabiqəflətdə olsun? Heç bir insaf əhli bunu inkar edə bilməz ki, millətlər içində heç bir millət Allaha ibadət və böyüklərə itaət etməkdə müsəlman millətlərinə bərabər deyil və ola bilməz. Həqiqət, nə eləyib yazıq müsəlman ki, xabi-qəflətdə olsun? Yəni müsəlman milləti o günə qalıbdır ki, yəcuc-məcuca oxşayan yapon bütpərəstlərindən də əskik olsun? Yəni ğeş-on top-tüfəng sahibi olmaq ilə murdar frənglər müsəlmanlardan artıq oldular? Yainki beşaltı milyon cinni Cəfər qoşunu saxlamaq ilə kafir ingilislər müsəlmanlardan şərafətli oldular? Mənə qalsa, mən Molla Nəsrəddin, deyirəm ki, müsəlmanlar barəsində “xabi-qəflət” sözünü danışmaq və “özgə millətlər kimi tərəqqi et” nəsihətini müsəlmanlara eləmək eyni biqeyrətçilikdir. İki il bundan irəli ruslarla yaponlar dava edən vaxt gün olmazdı ki, bizim şeyxülislam və müftilərimiz, qazı və mollalarımız məscidlərdə belə dua etməsinlər: “Bari pərvərdigara! Urusun qılıncını kəsgin elə ki, Allaha şərik qərar verən bütpərəstləri, yəni yaponları bir günün içində qırıb, müzməhill eləsin”. Amma indi Tehranda “Məclis” ruznaməst yazır ki: “İndi-şəhriyari səadətnamənd rötbeyi xudra baimperaturi yapon bərabər saxtəəst”; yəni bizim padşahımız öz rütbəsini yapon padşahının rütbəsi ilə bərabər elədi… Bəli, yapon padşahının… Amma mən elə bilirəm ki, bu sözlərin yarısı doğrudur: İran padşahının başı yapon padşahının başına çox oxşayır, amma özgə bir işləri oxşamır. Güman edirəm ki, Təbriz əhli sözümü təsdiq edərlər. Bəli, sözümüz burada deyil; sözümüz buradadır ki, müsəlman padşahını bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik. Məgər bu biqeyrətçilik deyil? Deyirik ki, dalı qalmışıq, elm oxuyaq, tərəqqi edək ki, biz də mədəni millətlər cərgəsinə daxil olaq. Pəh, pəh! Maşallah belə gözəl sözlərə! Yəni hansı millətlərin cərgəsinə daxil olaq? Kimdirlər o mədəni millətlər? Bilirsiniz kimdirlər? Haman frəng və ingilislər, haman rus və almaniyalılar, haman amerikan və yaponlar. Yadımdadır, uşaqlıqda evimizdə şitəngilik edib, bir qab sındıranda rəhmətlik nənəm məni belə söyərdi: “Ay bütpərəst oğlu bütpərəst!” Yazıq nənəm! İndi bir sağ olaydın və görəydin ki, padşahımızı bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik. Məgər bu binamusluq deyil? Bir neçə il bundan irəli Mirzə Həsən Avropada təhsilini qurtarıb, şəhərimizə gələndə frəng börkü qoymuşdu və mollalarımızın heç biri biçarə Mirzə Həsənin salamını almırdılar ki, özünü frəngə oxşadıb. Amma indi deyirik tərəqqi edək və Avropa millətlərinin cərgəsinə daxil olaq. Bunlar hamısı keçəndən sonra mən başa düşmürəm ki, necə elm? Hansı elmləri oxuyaq ki, tərəqqi edək və haradadır o elmlər? Məgər kimya elmindən savayı yenə elm var? Bəli, maarif. Necə yəni maarif? Məgər maarif bir uzaq yerdədir? Hansı millətlərin alimləri “İxtiyarat” kitabı kimi bir kitab yaza bilər? Məgər rəvadır ki, biz müsəlman ola-ola özümüzü əcnəbi millətlərdən bu dərəcədə alçaq tutaq? Bəs harada qaldı bizim etiqad və əfkarımız, ibadət və itaətimiz? İndiyədək deyirdik ki, hər bir müsəlman özünü bir özgə millətə oxşatsa, qiyamətdə haman millətlə həşrə aparacaqlar. Bəs indi Məhəmmədəli şah başına nə çarə qılsın ki, mikado ilə həşri qopacaq? Belə olan surətdə necə ola bilər ki, mömün müsəlmanlar tərəqqi eləsinlər, yəni özlərini kafirlərə oxşatsınlar?... Məgər deyil bu biar və binamusluq? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 mart 1907, №9 * * * Xoşbəxtlər Dünyada Təbrizdə olan qafqazlı müsəlmanlardan xoşbəxt adam yoxdur. Kişilər yaxalarını çəkib oturublar evlərində və hərçənd ki, “qarın”dan bir az kasıbdırlar, amma bununla belə, nə Zəngəzur və Qarabağ acları ilə işləri var, nə də Təbriz acları ilə. Səbəbi də budur ki, Zəngəzur və Qarabağ söhbəti ortalığa gələndə bunlar deyirlər ki, “pəh, biz ki, İranda qalırıq, biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” İran aclarına da ianə eləmək məclisi olanda bunlar genə yavıq düşmürlər və cavab verirlər ki, “bizə nə dəxli var, biz qafqazlıyıq” Vaqeən dünyada bunlardan xoşbəxt adam yoxdur İrəvan dövlətlilərindən savayı. “Molla Nəsrəddin”, 3 mart 1907, №9 * * * Ustalipin Neçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş vəzirinə niyə Stolıpin deyirlər, yəni “Stolıpin” nə deməkdir? Cavab: bizim lüğətimizdə “Stolipin” iki mənanı göstərir. Biri budur ki, həmin baş vəzir bir qanun çıxartdı ki, hər kəs qonşusunun toyuğunu oğurlasa dar ağacından asılsın. Məlumdur ki, əvvəl günahkarı çıxardırlar stulun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altındakı stulun ipini çəkirlər, stul yıxılır və günahkar başlayır havada seyr eləməyə, Bu səbəbdən də həmin baş vəzirin adı “Stolıpin”dir, yəni “stolun ipin”. İkinci məna usta “lipin”dir, “lipin” yapon dilində dəlləyə deyərlər. Belə güman eləmək lazımdır ki, dumaya yığışan sol firqələr çox çığırbağır salsalar, usta “lipin” ülgücü çıxardacaq və vəkillərin dalına həcəmət qoyacaq ki, qanları artıqlıq eləməsin, necə ki, Naxçıvan hamamlarında dəlləklər bir uşağın başına soyuq dəyəndə o saat çıxardırlar ülgücü və deyirlər ki, uşağın qanı artıqlıq eləyib və bu sayaq gündə bir-iki uşağı nənə-babalarına qonaq göndərirlər. “Molla Nəsrəddin”, 3 mart 1907, №9 * * * Leontiyev Məlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir: – Tut! Vəli deyir: – Sən tut! Əli deyir: – Sən tut! Vəli deyir: – Sən tut! Axırda Əli tutur; çünki bilir ki, tutsa da, Vəlinin yumurtası sınacaq. Vəli də işi duyub vurmur; çünki bilir ki, yumurtası boşdur, sınacaq. Əli deyir: – Vur! Vəli vurmur. Əli yumurtasını yan tutur və deyir: – Vur! Vəli yenə vurmur; çünki bilir ki, yumurtası sınacaq. Əli yumurtanın künəsini tutur və deyir: – Vur! Vəli vurmur; bilir ki, yumurtası sınacaq. Sonra Əli hər yanda Vəlini görəndə yumurtasını açıq tutub Vəliyə deyir: – Bax, tutmuşam, hardan vuracaqsan vur! Çünki Əli bilir ki, Vəlinin yumurtası boşdur. Cənab Leontiyev, yəni Şamaxı realni məktəbinin rəisi, Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı; məsələn, əvvəl çıxdı müsəlman məhəlləsinə, uca imarətlərin sahiblərini soruşdu, Dədəgünəş səmtini gəzdi, şıxbazlıq, müridbazlıq, bütpərəstlik işlərindən baxəbər oldu və axırda bunu özünə yəqin elədi ki, müsəlmanların yumurtası boşdur və sonra öz-özünə dedi: “elədə bəs vur çatdasın!”. Hər bir şeydən əvvəl cənab inspektor bunu özünə vacib gördü ki, realni işkolada müsəlman uşaqlarının arasına “sünnü-şiə” ədavəti salsın. Bunnan mənim işim yoxdu, mənə nə! Leontiyevin də canı çıxsın, Dədəgünəşin də canı çıxsın! Onların dərdi mənəmi qalıb?! Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. Həmişə cavan vaxtlarımda yumurta döyüşdürməyimi yadıma salanda ah çəkirəm. Və bir də yumurta döyüşdürməyin əvvəlinci şərti dadışmaqdır. Mən elə bilərdim ruslarda yumurta döyüşdürmək adət deyil: amma dünən Tiflis müsəlmanlarından bir-iki nəfər işkolaların böyüyünə Leontiyevdən şikayət edirdi ki, Şamaxıda “şiə-sünnü” davası salmaq istəyir. İşkolaların böyüyü gör nə cavab verir: “Ay kişi, boşluyun qoysun getsin, hər yalan sözə inanmayın!”. Sonra şikayətçi müsəlmanlar məndən soruşurlar: – Ay molla, sən də axır bir təcrübəli qoca mollasan, bu kişi niyə biz ilə belə rəftar etdi? – Bunun cavabında mən dedim: – Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb. Bəli, çox uzun danışdıq, amma bu qədər axmaq-axmaq sözləri danışmaqdan qəsdim bunu deməkdir ki, biz müsəlmanları cənab Leontiyevlər və onun kampaniyaları çoxdan dadıblar. Burada “amin” deyən dillər lal olmasın! Bari pərvərdigara, sən bizim başımızın sahibləri olan bəzi mollalarımızı hər bir qada və bəladan uzaq elə! “Amin” deyən dillər lal olmasın! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 mart 1907, №11 * * * Quli-biyabanlar Ey quli-biyabanı! Gəl apar bu heyvanı Bilmirəm nədəndirsə, Zəngəzur və Qarabağda aclıq məsələsi düşəndən bəri bizim müsəlmanların içində dövlətlilərin hörməti bir az da artıb. Hər kəsdən soruşursan ki, “şəhərinizdə nə var, nə yox?” – cavab verir ki, “bir elə təzə əhvalat yoxdur, ancaq şəhərimizin əhli flan dövlətlinin təziyəsinə ya toyuna məşğuldurlar”. Soruşursan ki, “haman dövlətli Zəngəzur və Qarabağ aclarına nə qədər pul göndərib?” Cavab verir ki, “heç yarım qəpik də göndərməyib”. Deyirsən: “Bəs niyə ona bu qədər hörmət edirsiniz?”. Lotu dinməyib, gözlərini bərəldir. Deyirsən: “Hey! Niyə dinmirsən, maralım?”. Görürsən rəfiq dəxi söz tapmır cavab verməyə. Kuzma Prutkov yazır ki, baş əyməklik və ikiqat olmaq hər bir millətlərə nisbət müsəlmanların içində çox adətdir. Məşhur Darvin deyir ki, heyvanların içində də baş əymək var. Məsələn, bir quzu naqafil bir qurdun qabağına çıxanda, ya meşədə bir zəif heyvan pələngin qabağına naqafil çıxanda, yıxılır yerə. Demək ki, heyvanların içində bu da bir cür ikiqat olmaq və ehtiram qoymaqdır. Amma bir az yaxşı fikirləşsək, baxıb görərik ki, bu barədə biz müsəlmanlarla meşə heyvanlarının arasında böyük bir təfavüt var. Və necə də ki, olmasın? Biz ki, bilatəşbeh heyvant deyilik. Təfavüt buradadır ki, zəif heyvan güclü heyvanı görəndə məhz qorxusundan ikiqat olur, amma bizlərdə dövlətlilərə baş əymək və ikiqat olmaq qorxudan deyil. Bəs nədəndir? Hünər istər ki, birisi çıxsın meydana və mənim bu sözümə cavab verə bilsin. Gərək oxucularımızın heç biri bunu inkar etməyə ki, biz bir dövlətlini görüb ikiqat olanda məhz onun dövlətliliyini nəzərə alırıq, nəinki ləyaqətini, hüsni-əxlaqını, insaniyyətini, ibadətini, ya millət yolunda xidmətini. Əgər biz bu sifətləri nəzərə alsaq, kasıblarda həmin sifətlər dəxi də tez tapılar, nəinki dövlətlilərdə. Məgər İrəvanda kankan Cəfərəli insaniyyət xüsusunda İrəvan dövlətlilərindən əksikdir? Məgər İrəvan dövlətliləri Zəngəzur və Qarabağ aclarına göndərdikləri pul Cəfərəli göndərdiyindən çoxdur? Hansı insaf əhli bunu deyə bilər ki, Bakıda adı-sanı olmayan bir müəllim, ya bir əsnaf, ya kasıb bir baqqal ləyaqətdə Bakı dövlətlilərindən əksik adamdır? Ağdamda dəllək Hüseyn, yəqin ki, ömründə bir müsəlmana əziyyət eləməyib, bəs niyə biz bu kişinin salamını almırıq, peşələri birbirindən şipyonluq olan Qarabağ bəylərinə baş əyirik? Hünər istərəm ki, birisi çıxsın meydana və mənim bu sözlərimə cavab versin. Əgər bir dövlətliyə baş əyəndə çıxardıb cibindən bir qəpik pul verə, yenə demək olar ki, mənfəətimiz üçün dövlətlilərə baş əyirik. Özgə millətlər içində belə şeylər yoxdu. Özgə millətlər içində bir dövlətli öz millətinə dövlətilə xidmət eləməsə, ona etina və hörmət eləməzlər. Amma bizlərdə tərsinədir. İstər bir yanda aclar acından ölə-ölə İrəvan və Naxçıvanda dövlətlilərimiz kef çəksinlər, istər bir yanda aclarımız acından ölə-ölə Bakıda dövlətlilərimiz dəstəbazlığa məşğul olsunlar, istər Qarabağda bəylərimiz şeytançılığa qurşansınlar, – biz yenə hər yanda onları görən kimi ikiqat olacağıq. Ey mənim əziz müsəlman qardaşlarım! Bircə söz sizə demək istəyirəm: Zəngəzurda müsəlmanlar acından ölürlər. Mən sözümü qurtardım. Siz də hər kəsə istəyirsiniz, baş əyin. Amma onu yaddan çıxarmayınız ki, biz müsəlmanlar həmişə ibadətdən və insaniyyətdən söhbət düşəndə öz-özümüzə demişik: “Yazıq ermənilər, görəsən bunlar Allaha nə cavab verəcəklər”. Amma indi Zəngəzurda müsəlman acları buğda vaqonlarının yanına sevincək qaçıb görürlər ki, bu buğdaları ermənilər erməni aclarına göndəriblər. Biz yaxşı adamıq, ermənilər pis adamdırlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 mart 1907, №12 * * * Quba meydanı Amerikada mənim bir rəfiqim var, bunnan iki dəfədir ki, mənə yazır ki, ay Molla, sən Allah məni başa sal görüm, nədən ibarətdir müsəlman aləmi? Necə dolanırlar, nə yeyib, nə içirlər, nə cür paltar geyirlər, necə şəhərlər qayırıblar, nə alış-veriş eləyirlər? Yeməklərindən, içməklərindən, bazar – dükanlardan mənə bir məlumat yaz göndər. Mən də məəttəl qalmışdım, çünki bilmirdim nə yazım. Axırı bu gün götürüb dostuma bir cızmaqara eləyib göndərdim və yazdım: “Əzizim, məsələn, Bakı, məsələn, belə tutaq ki, Bakıda Quba meydanı. Məsələn, bir tərəfdə dörd min yeddi yüz cırıq-mırıq İran hammalı yan-yana verib uzanıblar, bir tərəfdə iki min iki yüz köhnə yorğan-döşək, arxalıq və çirkli tuman-köynək satan. Bir tərəfdə səkkiz yerdə dərviş mərəkəsi, bir tərəfdə iki yüz nəfər sarı aşpişirən, səkkiz min səkkiz yüz ciyər kababı pişirən, bir tərəfdən üç yüz min nəfər köhnə başmaq, köhnə şüşə, köhnə sarımsaq və araq şüşələrində rəngbərəng su satan”. İstəyirdim şəklini çəkib göndərəm, amma doğrusu, bakılılardan qorxuram. Qorxuram inciyələr. İmzasız “Molla Nəsrəddin”, 24 mart 1907, №12 * * * Məzhəb azadlığı Müsəlman vəkillərinə nəsihət Ey dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin. Eşitmişəm ki, duma çalışır Rusiyada məzhəb azadlığı olsun; yəni hər bir kəs hansı məzhəbdən hansı məzhəbə istəsə keçə bilsin və eşidirəm ki, hökumət də istəyir buna razı olsun və bunu da eşidirəm ki, siz, yəni müsəlman vəkilləri də buna razısınız. Amma mən bircə bunu bilmirəm ki, siz bu işə razılıq verəndə ağlınız harada idi? Kişi, nə qayırırsınız?! Sizin ki, dünyadan xəbəriniz yoxdur, nə ixtiyarınız var özünüzü müsəlman vəkili hesab edib, bu dərəcədə bizə xəyanət edəsiniz?! Yəni bilirsinizmi ki, məzhəb azadlığı nədir? Məzhəb azadlığı odur ki, Həsən istəsə gedib kilsəyə girib, xaçpərəst olsun, İvan da istəsə məscidə girib, müsəlman olsun. Ey müsəlman vəkilləri, heç bilirsinizmi ki, bu işlərin axırı hara gedib çıxar? Əgər bilmirsiniz, mən indidən sizə xəbər verirəm: axırda elə olar ki, bir az müddətdə müsəlmanların hamısı müsəlmançılığı ötürüb, gedib xaçpərəst olar. Mənim əqidəm bunadır və əgər istəsəniz, sözümü sübuta da yetirə bilərəm. Mən deyirəm ki, bir müsəlman bir müddət qala, məsələn, Bakıda və sonra gedə bir müddət də qala, məsələn, Şvetsariyada, bakılıların da rəftar və kirdarına baxa, Şvetsariya əhlinin də əxlaq və ətvarına baxa, – axırda haman müsəlmanın etiqadı və əfkarı xarab olar. Yaponiyadan bir bütpərəst gələ Gəncə şəhərinə və görə ki, bir boyaqçı dükanının qabağında yeddi-səkkiz nəfər arvad qucaqlarında uşaq durublar və bir qırmızısaqqal boyaqçı qollarını çərməyib, uşaqları bir-bir alıb, küpə soxub, qara boyayır, sonra analarının hər birindən uşağa bir manat alıb, yola salır və deyir: “Gedin, dəxi qorxmazlar” – bir belə yaponiyalı bu işləri görən kimi tez başmaqlarının dabanını bərkidib, qaçar Yaponiyaya. Amma bir gəncəli gedə, Yaponiyanın adamlarını görə, qorxuram axırda işlər xarab ola. Əgər Amerikadan bir murdar xaçpərəst gələ İrəvana və görə ki, bir müsəlman durub bir əttar dükanının qabağında və qırmızısaqqal və mömün dükançı, təsbeh əlində, müştəriyə deyir: “Dünən Xoydan mənə altmış put it qarısı göndəriblər, hər kəs bir xörək qaşığına çalıb içsə, hər dərdü bəladan qurtarar və bundan başqa iki yüz pişik pətənəsi bugünlərdə gələcək, yamanı, çibanı, qara yaranı, şirin yaranı o saat qaytarar” – əgər amerikalı bu əhvalatdan xəbərdar olsa, hər yanda bir müsəlman görsə, ondan iyrənər. Amma bir irəvanlının Amerikaya yolu düşsə, dəxi İrəvana gəlməz. Müxtəsər… …Əgər bir yəhudi gələ müsəlman içinə və görə ki, üləmamız birbirindən hökumətə danos yazırlar, bakılı rəislərimiz dumada şarları oğurlayıb, əvəz edəndən sonra gedib qol yazıb, hökumətə iqrar edirlər ki, təqsir müsəlmandadır, əgər haman yəhudi bizim cəmiyyəti-xeyriyyələrimizi görə, qumarxana və qiraətxanalarımızı görə, pirlərimizi və qız məktəblərimizi görə, dövlətli hacılarımızı və kefli cavanlarımızı görə, xülasə, əgər bizim işlərdən yaxşıca baxəbər ola, haman yəhudi bir də qələt elər ki, müsəlman içinə ayaq basar. Amma bir müsəlman əvvəl gedib görə ki, yəhudi qızları qoltuqlarında kitab, gedirlər darülfünuna elm oxumağa, əgər gedib görə ki, rus qızları Mancuriya çöllərində qışın şiddətli soyuğunda yapon gülləsinin qabağında öz rus qardaşlarının yaralarını bağlayırlar və əgər haman müsəlman sonra baxıb görə ki, bizim Gülçöhrə xanımlar, Xanpəribəyimlər, Gülsənəm xatunlarımız burunlarının suyunu arxalıqlarının qolu ilə və çarqatlarının ucu ilə təmizləyirlər, – əgər müsəlman bu işləri görsə, gedib yəhudi olar və yəhudi qızı alar. Yox, yox, bizə məzhəb azadlığı lazım deyil. Hər kəs öz məzhəbində qalmağı bizim üçün hamısından məsləhətdir. Biz əzrailin uşaq paylamağını istəmirik. Aman gündür, ey müsəlman vəkilləri, ağsaqqal və dünyagörmüş Molla Nəsrəddinin bu bir neçə sözünü çıxartmayın yadınızdan! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 mart 1907, №13 * * * Mövqufat məsələsi Məlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır. İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək. Lazımdırmı ki, bizim mövqufatımız Rusiya hökumətinin ixtiyarında qalsın, ya müsəlmanların öz ixtiyarına keçməyi məsləhətdir? Əgər özgə bir millətin qəzetçisi belə sözü ağzına alıb danışsa, onun qəzetini cırıb tullarlar, çünki millətlərin hamısı çalışır ki, öz işlərini özləri dolandırsın və kənar adam onların işinə qarışmasın. Məsələn, polyak, gürcü, yəhudi, fin və qeyri tayfa bilsələr ki, mən belə söz məcmuəmdə yazıram, deyərlər ki, Molla Nəsrəddin biqeyrətdir; çünki bu tayfaların gecə və gündüz fikri budur ki, mövqufat işləri və qeyri bu cür işləri hökumətin ixtiyarından çıxıb, öz ixtiyarlarına keçsin. Amma bununla bərabər, mən deyirəm ki, biz müsəlmanlar üçün eyni məsləhət budur ki, mövqufat işlərimiz hökumətin ixtiyarında qalsın. Dəlilim budur: Götürək məsələn, Rusiya müsəlmanlarını və İranı. Məsələn, götürək Tiflisi və Ərdəbili. Tiflisdə yenə hökumətin bərəkətindən xəzinədə neçə yüz min manat mövqufat pulu var ki, indi o pullar ilə istəyirik məscid və mədrəsə tikək. İndi gələk Ərdəbilə. Burada əhvalat bir az uzanacaq. Neçə yüz il bundan irəli Ərdəbildə Şeyx Səfi adına möhtərəm bir şəxs vəfat edib. O vədədən indiyədək haman şəxsin məqbərəsi ziyarətgah olub və müridləri çox mülklər və kəndlər haman məqbərəyə vəqf ediblər. Belə ki, indi bu saat şeyxin mövqufatı Tiflis məscidinin mövqufatından on kərə artıqdır. Bəs bu neçə yüz ilin müddətində bu qədər mövqufatın hədsiz mədaxili necə olub? Hansı məktəb və mərizxanalara, hansı məscidə, hansı qiraətxanaya xərclənib? Necə olub hədsiz pullar? Təfavüt burasındadır ki, Tiflis mövqufatının mədaxili keçdi bir rusun əlinə və rus ola-ola haman mədaxili yığıb xəzinədə saxladı ki, axırda məscid tikdirən vaxtda lazım olsun. Amma Ərdəbil şeyxinin mövqufatı keçdi bir boynu yoğun xüddambaşının əlinə, yəni bir müsəlmanın əlinə və bu müsəlman, yəni xuddambaşı bir ucdan başladı məscidin bimisl qalısını ingilislərə üç min manata satmağa, bir ucdan da barama qurdu kimi daraşıb mövqufata, başladı yeməyə. Yox, vallah, sağ olsun rus hökuməti. Hərçənd, mənim Rusiya hökuməti ilə aram yoxdur, ondan ötrü ki, ayıb olmasın, Cəfərin anasına iki arşın çit alanda da az qalır qaradavoy gəlib desin ki, “niyə polisə xəbər verməmiş arvadına tuman aldın?”; amma, doğrusu, mən haqdan keçmərəm: mövqufat barəsində mən Rusiya hökumətinə duaçıyam; ondan ötrü ki, Rusiya hökuməti mövqufat pullarımızı xəzinədə saxlamasaydı, indi çoxdan o pulları xüddambaşılarımız, mütəvəllilərimiz və cürbəcür alim şəklinə girən ağalarımız həzmi-rabedən keçirmişdilər, yəni yemişdilər. Hökumət da bunu çoxdan duyub; odur ki, dumada mövqufat barəsində maliyyə vəziri müsəlman vəkillərinə yaxşı cavab verib. Vəzir deyib ki, “çox əcəb, biz hazırıq sizin mövqufatı öz ixtiyarınıza verək, amma siz də söz verin ki, gələn məhərrəmlikdə Bakı və İrəvan müsəlmanları məsciddən xalqın başmaqlarını oğurlamayacaqlar”. Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, – ona qəyyum lazım deyil; məsələn, polyak, Almaniya, frəng, erməni və yəhudi. Amma bir surətdə ki, ərdəbillilər qarnıyoğun xuddambaşını görəndə deməyəcəklər ki, “ay qardaş, niyə fəqir-füqəranın malını yeyirsən?”, bir surətdə ki, bizim ruhanilərimizin çoxunun arzusu məhz budur ki, bir az da uca imarət tikdirsin və kərpicini Həsəndən, gəcini Hüseyndən müftə alsın, – söz yox ki, belə millətə bir qəyyum lazımdır. Gör nə günə qalmışıq ki, mövqufat pullarımızın rus xəzinəsində qalmağını Molla Nəsrəddin məsləhət görür. İşlər yaşdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 aprel 1907, №14 * * * Xoş təqrir İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?! Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində. Elan İrandan yaxşı mumya gətirmişəm, misqalı bircə abbası. Mumyanın yaxşılığına söz yox. Dünən bir girvənkə Peterburqa müsəlman vəkillərinə göndərdim ki, həmişə dumaya gedəndə bir az atsınlar ki, qorxmasınlar. Çox gözəl şeydir, naigid malıdır. Adres: İrəvan, Qaranlıq çarsu, Ağa Məşədi Kövsər. Dəli “Molla Nəsrəddin”, 7 aprel 1907, №14 * * * Cəmiyyəti-xeyriyyə Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək. Pənah Allaha, – deyib başlayaq. Bəli, indi qəzetlərdə Bakı cəmiyyəti-xeyriyyəsi elan edir ki, cəmiyyətə üzv olmaq istəyənlər 5 manatlarını gətirib versinlər cəmiyyət xəzinədarına və qəbzlərini alsınlar, yəni qəbzlərini almamış getməsinlər. Hələ buradan bir haşiyə çıxaq və qəbz barəsində bir az danışaq. Yəni bu qəbz nədir? Yəni necə qəbz? Mən çox fikirləşdim və bilmədim ki, Bakıda cəmiyyəti-xeyriyyəyə üzv yazılanda niyə adamın əlinə qəbz verirlər; yəni bilmirəm ki, nədən ötrü qəbz verirlər. Özgə millətlər içində qəbz çox lazımlı şeydir; məsələn, birisi gedə Moskvada, ya qeyri bir kənar məmləkətdə cəmiyyəti-xeyriyyəyə üzv yazıla, əlbəttə gərək qəbz alsın: ondan ötrü ki, əlində qəbzi olmasa isbat eləyə bilməz ki, o, üzvdür və cəmiyyəti-xeyriyyənin nə məclislərində danışmağa ixtiyarı olar, nə də cəmiyyəti-xeyriyyənin özgə bir işinə qarışa bilər. Amma doğrudan-doğrusu Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm. Dəlilim budur. Bəli, birisi aparıb 5 manatını verir ki, cəmiyyəti-xeyriyyənin bir məclisi baş tutanda qəbz sahibi çıxardıb qəbzini nişan versin və həmin məclisdə danışmağa səsi və ixtiyarı olsun. Bəli, məclis qurulur, “mənəm-mənəm” deyənlər əyləşirlər yuxarı başdan, dəstə başıları düzülürlər bir tərəfdən. Qoçular və daşkəsənlər doluşurlar məclisə. Güclülər düşürlər meydana, səs ucalır, “nöşün, nöşün” sədası asimana bülənd olur. Əllər hərəkət eləyir revolverlərə, xəncərlər başlayır parıldamağa və axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. Dəxi burada qəbz nəyə lazımdır? Mən ölüm, lotu-lotuyana deyiniz görüm, burada qəbzin nə mənası var? İndi mətləbin özgə tərəfini söyləyək. Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım və qəbzi bərk-bərk saxladım; çünki mən özgə millətlərin içində, belə bilmişdim ki, hər kəsin əlində qəbz olsa, cəmiyyəti-xeyriyyənin hesab kitabına qarışmağa ixtiyarı olar. Bir gün qəbzi qoydum cibimə və istədim cəmiyyətin işlərindən xəbərdar olam. Əvvəl getdim xəzinədarın yanına və soruşdum ki, cəmiyyəti-xeyriyyənin nə qədər pulu var? Xəzinədar mənə cavab verdi ki, cəmiyyətin iyirmi altı manat pulu var. Dedim: – Mümkündürmü kitab və dəftərləri görmək? – Dedi: – Sənin nə ixtiyarın var? – Dedim: – Əlimdə qəbzim var. – Dedi: – Qəbz lazım deyil. – Dedim: – Bə nə lazımdı? – Dedi: – Revolver lazımdır. Qoydum getdim. Bəli, mətləbdən uzaq düşdük. Görüm nədən danışırıq?.. Hə, qəbzdən… Bəli, qəbz. Özgə tayfaların içində qəbz sahibləri əgər bir yerə yığışıb bir şeyə qərar versələr, gərək xəzinədar həmin qərardada əməl eləsin; amma Bakıda belə deyil: necə ki, məsələn, Bakıda cəmiyyətin üzvləri keçən il yığışıb qərar verdilər ki, flan tələbəyə bu qədər pul verilsin, amma xəzinədar razı olmadı və vermədi. Üzvlər də dedi ki: – Eybi yoxdur, fədayət şəvəm. Sözümüzü qurtardıq. Və “Təzə həyat”dan təvəqqə edirik ki, əgər qüsurumuz olsa, bizi bağışlasın; çünki qəzetçi gərək heç kəsi özündən incitməsin. Doğrusu, biz bir az xamıq və o cür yazmağı başarmırıq ki, bir para adam bizdən inciməsin. Lap yaxşı olardı ki, “Təzə həyat” Bakı cəmiyyəti-xeyriyyəsi barəsində bir məqalə yazaydı və bizim üçün də bir nümunə olaydı. Biz də görəydik ki, necə lazımdır yazmaq ki, heç kəs inciməsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 aprel 1907, №15 * * * Məslək “Təzə həyat” deyir ki, qəzetçi gərək qəzetəsini elə yaza ki, hər kəsi özündən incitməyə. Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incitsə, dəxi kimə lazım olacaq onun qəzeti? Biz bunu çoxdan bilirik. Doğrudan da, biz qəzetimizi təzə başlayanda xəyalımızda qoymuşduq heç kəsi özümüzdən incitməyək və bacardığımız yerə kimi hamını özümüzə rağib eləyək ki, qəzetimizi çox oxusunlar və bizə çox abunə yazılsınlar. Amma Allah şeytana lənət eləsin, qoymadı düz yolumuznan gedək. Elə əvvəlinci nömrədən başladıq bij-bij sözlər yazmağa. Ona sataşmağa, buna dolaşmağa. Demək ki, “açmamış qapı” qoymadıq və axırda hamını özümüzdən incitdik. Əvvəllər genə az-çox müştərimiz var idi, amma indi gəldikcə azalır. Amma bu gündən biz məsləkimizi dəyişirik və “Təzə həyat”ın sözünə baxıb dəxi bundan sonra elə yazacağıq ki, müsəlmanların əfkarına müvafiq olsun, yəni onların keyfincə olsun, onların rəyi ilə düz gəlsin və elə mətləblər yazacağıq ki, hamı bizdən razı qalsın. Yəni, doğrudan da bu da bir işdi ki, qələmi al əlinə, yetənə yet, yetməyənə də bir daş at? Və bir də bunun axırı nə olacaq? Bir gün ona sataşarsan, sabah bunun üstünə gülərsən, o biri gün ayrısına dolaşarsan və lap axırda da dünyanı özünə düşmən elərsən və lap axırda da bircə nəfər də müştəri tapmazsan və milyonçu da olsan, axırda qəzetini bağlarsan. Doğrudan da belədi; görürsən bir tərəfdən nuxalılar bizdən inciyir ki, niyə yazırsan “nuxalıların qiraətxanası açılandan qiraətxananın qəzetləri və stolları hambalların dalından yerə düşür – Bir ay bura köçür, bir ay o biri evə köçür”. Doğrudan da bizə deyən gərək ki, axır sənə nə dəxli var? Nuxa hara, biz hara, bizə nə borcdu ki, Nuxa cəmiyyəti-xeyriyyəsinin nə qədər pulu var? Bizə nə borcdu ki, cəmiyyətin iki yüz manatı necə oldu? Aşkardı ki, nuxalıların hamısı indi biznən olublar düşmən. İndi, məsələn, götürüb yazaq ki, Bakıda müsəlman bazarında yol ilə gedənləri “ha1-huya” basırlar, söz yox ki, bakılılar bunu oxuyanda bizdən inciyəcəklər. Doğrudan da bizə deyən gərək ki, Tiflisdə otura-otura Bakı ilə nə işimiz var? Məsələn, biz hara, sərdar Mənsur hara ki, yazırıq “iki eşşəyin arpasını bölə bilməyə-bilməyə Rəştdən qaçıb gedib Tehranda postların rəisi olub”. Cəhənnəmə olub, gora olub, bizə nə dəxli var?! (hələ qurtarmadı) Zəli “Molla Nəsrəddin”, 14 aprel 1907, №15 * * * Zarafat Əvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun də məktubu zarafatnan yazılıb, Ağayevin cavabı da zarafatnan yazılıb. Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun. Nəcəf Yəhya oğlunun məktubu “İrşad” idarəsinə yetişən vaxt Ağayev elə bilib ki, bu məktub zarafatnan yazılıb və bu səbəbdən Ağayev də götürüb zarafatnan cavab yazıb. Molla Nəsrəddindən qabaq belə zarafatlar yox idi; indi hamı Molla Nəsrəddinə baxıb başlayıblar zarafatnan yazmağa. Başlayaq Nəcəf Yəhya oğlunun məktubundan. Amma buradan bir haşiyə çıxıb bunu da ərz edirik ki, bu məktubu Nəcəf Yəhya oğlu yazmayıb, bu məktubu Hacı Məcib əfəndi ya özü yazıb, ya öz yavıq adamlarının birinə yazdırıb; ondan ötrü ki, Nəcəf Yəhya oğlu bu cür kağızları yaza bilən adam deyil və bunu şamaxılı qardaşlarım təsdiq edə bilər. Hələ bunun eybi yoxdur. Belə hesab edək ki, Nəcəf Yəhya oğlu özü yazıb; keçək məktubun məzmununa. Nəcəf Yəhya oğlu yazır ki, “Bu müəzzəm ileyh şəxsin (yəni qazı Hacı Məcib əfəndinin) millət yolunda, ittihad, ittifaq, tərəqqi və maarif yolunda göstərdiyi səyləri və etdiyi ciddü cəhdləri bir-bir tedad etməyi artıq bilirəm”. İnşallah, Nəcəf Yəhya oğlu bu sözləri gülməkdən ötrü deyir; ondan ötrü ki, millətin ittihad və ittifaqı yolunda Hacı Məcid əfəndinin səyi məhz bu olubdur ki, öz sekretarı Qayıbova yer açmaqdan ötrü gecədə bir dəfə Nəcəf Yəhyayevi göndərib inspektor Leontiyevin evinə ki, sünnü və şiə uşaqları üçün iki elmi-ilahi müəllimi saxlasın və bu cəhətdən şamaxılıların içinə sünnü və şiə məsələsi salıb. Tərəqqi və maarifə də gələndə Hacı Məcid əfəndinin barəsində biz bunu ərz edə bilərik: əvvələn, cənab Hacı Məcid əfəndi Cümə məscid mədrəsinin nizamını pozdu və mollalara vəqfdən verilən məvacib və ianəni kəsdirdi ki, qazı İbrahim Xəlil əfəndinin övladı müdərrislik edib şöhrətlənməsinlər və Hacı Məcid əfəndinin nüfuzunu əksiltməsinlər. Əgər cənab Nəcəf Yəhyayev tərəqqi və maarif yolunda çalışmaq buna deyir, dəxi bir özgə iş! Yoxsa Hacı Məcid əfəndi hansı mədrəsəni zəmanəyə görə tərtibə qoydu və qırx-əlli mollaya təlim verdi? Nə vaxt müntəzəm, davamlı, mütəəddi müdərrisli bir mədrəsə vücuda gətirdi, savayı ondan ki, bacısı oğlu üçün bir yalançıq məktəb açdı və o da ki, mömün müsəlmanların duasının bərəkətindən qoydu getdi işinə. Bir-iki qohum və əqrabasından və bir neçə dövlətli tanışlarından savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi? Bellərini ismətli qızlara ovuşduran Həmid paşaları və Hacı Mustafaları və qeyri yoldaşlarını məclislərin sədrində əyləşdirən, ikiqat olub onlara hörmət və təzim göstərən və bu surətlə onların bəd əməllərinə rövnəq verən Hacı Məcid əfəndi deyilmi? Hər il dövlətli hacılara kağız yazıb fəqirlərin haqqı olan zəkat pullarını yığan, bisavad və nadan mollalara şəhadətnamə verən Hacı Məcid əfəndi deyilmi? Bəli, hələ bunların eybi yoxdur, keçək Nəcəf bəyin məktubuna. Cənab Nəcəf Yəhyayev deyir ki, Hacı Məcid əfəndinin evi məvacib ilə tikilməyib; çünki iyirmi beş manat məvacib ilə əlli min manatlıq ev tikdirmək olmaz. Molla Nəsrəddin bu doğruluqda sözün qabağında dəxi bir söz danışmağa acizdir və lakin söz burasındadır ki, Hacı Məcid əfəndinin qeyri bir yerdən, qeyri bir mülk və məaşdan, qeyri bir kənd və kəsəkdən mədaxili yoxdur. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, özü-özünə yerin altından pırtdayıb çıxsın? Amma öz aramızdır, Diyallı kəndinin barəsində Nəcəf Yəhya oğlu bir az zarafat eləyir; ondan ötrü ki, Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadan qalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. Hələ bunun eybi yoxdur, bu da hələ qalsın. Cənab Nəcəf Yəhya oğlu yazır ki: “Mən cəmi islam tərəfindən vəkiləm”. Burada bir söz yadıma düşdü: Danabaş kəndinin mollası mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün “göbəyi” -dir; yəni mərkəzidir. Yazıq Molla Tarqulu, Allah sənə min rəhmət eləsin! İndi sağ olaydın və görəydin ki, dünyada Şamaxı da var imiş və bu Şamaxıda Yəhyayevlər var imiş ki, özlərini cəmi islam tərəfindən vəkil hesab eləyirlər. Yazıq Danabaş kəndi, bə sən nə vaxt Yəhyayevə vəkalətnamə göndərdin? Vaqeən hər kəs Nəcəf Yəhyayevin məktubunu oxusa, elə biləcək ki, Yəhyayev zarafat eləyir və biçarə Ağayev də elə bilib ki, Yəhyayev zarafat eləyir və Ağayev də Yəhyayevə baxıb götürüb zarafatnan cavab yazıb. İndi yazıq şamaxılılar da elə bilirlər ki, Ağayevin cavabı ciddi bir cavabdır: məsələn, Ağayev yazır: “Ustadi-kamilimiz olan Hacı Məcid əfəndi”. Molla Nəsrəddin də iqrar edir ki, Hacı Məcid əfəndi ustadi-kamildir. Buna da dəlilimiz budur ki, Hacı əfəndi indiyə kimi heç bir həqiqi alimi yavığına qoymayıb; hətta məclis üzvlərinin ikisini də qudrətsiz və cahil mollalardan təyin elətdirib ki, sirlərini və politikasını açmasınlar və ona qul kimi tabe olsunlar; necə ki, indi olurlar. Sonra Ağayev yenə zarafatnan yazır: “Hacı Məcid əfəndi aləmiislama böyük-böyük xidmətlər etməklə cümlə müsəlmanların öhdəsinə əvəzi olmayan minnətlər qoymuşlar. Canları ilə, dilləri ilə, qələmləri ilə bu dairədə fədakarlıqlar ediblər və bu cəhətdən məlazülmöminin və məlcəül-müslimindirlər”. Yəqin ki, biçarə şamaxılıların heç fikrinə də gəlməyib ki, bu sözlər gülməkdən ötrü yazılıblar. Bəli, canları ilə fədakarlıq ediblər. Bəli, canları ilə, yəni bədənləri ilə, yəni fədakarlıq eləyə-eləyə əriyib çöpə dönüblər. Bunu şamaxılılar bizdən yaxşı bilirlər. Axırda ölmədik, bunu da gördük, şöhrətpərəstlik, tamahkarlıq, tərəfgirlik, tənpərvərlik, müstəbidlik və mühibriyasətlik kimi təbiətlərin sahibinə məlazül-möminin və məlcəül-müslimin adı qoydular. Bir də Ağayev deyir ki, Hacı Məcid əfəndinin barəsində “İrşad” idarəsinə göndərilən yazıları “bir dəstə qayırmışam, inşallah Hacı əfəndinin hüzuruna təqdim olunar”. Bu sözlər də zarafatdır; ondan ötrü ki, qəzetçilik vəzifəsini Ağayev hamıdan yaxşı bilir. Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam özü-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram? Şamaxıda ki, “məlcəül-müslimin” var, dəxi niyə ürəyimi sıxıram?! Sonra adamın yadına vəhşi Qafqaz müsəlmanları düşür; adam yenə öz-özünə deyir ki, dəxi nə qəm eləyirəm. Şamaxıda ki, “məlazülmüslimin” var. Sonra adamın yadına əcnəbi millətlərin ayağının altında payimal olan və yavaş-yavaş mətruk olmağa üz qoyan müsəlman millətləri düşür, yenə adam deyir ki, niyə qüssə eləyirəm, Şamaxıda Hacı Məcid əfəndi kimi “pənahgahımız” var. Sonra adamın yadına yenə çox-çox şeylər düşür; amma sözü müxtəsər söyləmək bunların hamısından yaxşıdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 aprel 1907, №16 * * * Qayırma hədislər Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir. Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”. Bəs indiyə kimi Molla Nəsrəddin nə deyirdi? Allah Hacı Mirzə Əbutürab Axund oğlunun vücudunu bibəla eləsin. Ax, bu qayırma hədislər! Məni qocaldan bu qayırma hədislərdir. Keçən vaxtlarda Qapazlı kəndində mənim bir əmim var idi; adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmimgilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib. Bir dəfə soruşdum ki, “əmi, maşallah, nə çox məşğuliyyət eləyirsən?” Əmim mənə belə cavab verdi: – Bala, sən hələ uşaqsan və Molla Tarqulu buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki, “cinabət qüslinin hər bir zərrəsindən yetmiş iki min məlaikə xəlq olunur və bu məlaikələr qiyamət günü qüsl sahibini qanatlarının üstünə alıb, qalxızacaqlar göylərə və gəzdirəcəklər”. Əmimin sözünü mən o vədə başa düşməzdim; amma sonra başa düşdüm. Bəli, qayırma hədislərdən danışırdıq. Allah Hacı Mirzə Əbutürab cənablarını səlamət eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 aprel 1907, №16 * * * “Tərcüman”ın fitvası Möhtərəm “Tərcüman” qəzeti 36-cı nömrəsində xəbər verir ki, dumanın müsəlman üzvlərindən 5 nəfər vəkil islam məzhəbini atıb, “işçilər” məzhəbini qəbul eləyiblər və iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb, sosyal-demokrat məzhəbinə daxil olublar. “Tərcüman”ın bu sözlərini oxuyanda keçən günlər yada düşür. İl yarım bundan qabaq Tiflisdə bir para müsəlmanlar qırmızı bayraq götürüb, “Yaşasın hürriyyət!” – deyib küçələri dolananda, böyük mollalarımız camaata buyururdular: “Baxmayın bu axmaqların sözünə, bunlar müsəlmançılıqdan çıxıblar!”. Elə indi “Tərcüman” də belə buyurur. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? Sənin günahın nə idi, sən nə deyirdin ki? Sən deyirdin ki, “bu məşrutəçilər yoldan çıxıblar”. Bəs səni niyə bu günə saldılar ki, “Tərcüman” qəzeti kimi sənin həmməsləkin var imiş! “Tərcüman” yazır ki, “işçilər”in məramnaməsi şəriətə ziddir. Ondan ötrü ki, işçilər xüsusi mülkilərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olacaqlar və bu mülklərdə namaz qılmaq olmayacaq. Demək, “Tərcüman”ın fərmayişindən bu çıxır ki, məsələn, bütün Maku xanlığında tək bircə Mürtəza Quluxan qıldığı namaz dürüstdür və əgər Maku torpağının istər bir qarışı da rəiyyətin birinə verilə və bu rəiyyət həmin bir qarış yerdə namaz qıla, – namazı batil olacaq. Xülasə, “Tərcüman” haman nömrəsində çox sözlər danışır; məsələn, başlayıb keçən türk padşahlarından və tərifləyə-tərifləyə gəlib çıxır axıra. Məsələn, yazır ki, Allah onlara rəhmət eləsin, bizim üçün gözəl-gözəl adətlər qoyub gediblər. Bəli, həqiqət Allah onlara rəhmət eləsin! Ondan ötrü ki, bizim üçün gözəl “adətlər” qoyub gediblər. Amma, nəuzübillah, mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. Mənim belə yadıma gəlir ki, onların bircə dəfə və fikirlərində olmayıb biz biçarəyə bir gün ağlasınlar. Mənim belə yadıma gəlir ki, onların arzu və məşğələləri övrətbazlıq, uşaqbazlıq və millətin səadətini öz nəfslərinə qurban eləmək idi. Allahü əkbər, Allahü əkbər! “Tərcüman” keçən padşahları tərifləyir, “Təzə həyat” indiki padşahları tərifləyir; amma bu nainsaflar bircə bunu demirlər ki, bəs biz yazığa nə qalsın. Hə, yadıma düşdü, qoy deyim, sonra yadımdan çıxar: “Təzə həyat” 7-ci nömrəsində bizi də zornan çəkir ki, osmanlı sultanına səcdə eləyək və yazır ki, “Molla Nəsrəddin” və cəmi müsəlman qəzetləri osmanlı sultanını zati-ali hesab edir. Yazıq “Təzə həyat” nə eləsin, Kükəmərdən təzə gəlib və “Molla Nəsrəddin”in nə yazılarını görüb, nə də şəkillərini. Bəli, “Tərcüman”dan danışırıq. Ta nə danışaq? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 aprel 1907, №17 * * * Oxucularımıza Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək. Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına. Əgər bundan sonra “Təzə həyat” məsləkinə təğyir verməyib genə başlıya “ay Soltan, qadan alım, ay hacı, başına dolanım”, – bir qəzet dairəsindən kənara çıxmamaq şərtilə, genə hərdən-bir “Təzə həyat”dan danışmağa vədə veririk. Bir şey yadımıza düşdü: “Təzə həyat” deyir ki, biz dövlətliləri o qəsd ilə pisləyirik ki, bizə pul versinlər. Amma biz də deyirik ki, “Təzə həyat” dövlətlilərə o qəsd ilə təməllüq edir ki, ona pul versinlər. Kimin sözü haqdır? Molla Nəsrəddinin əlli altı nüsxəsini diqqətlə oxuyanlar bilirlər ki, biz bir söz ilə də işarə eləməmişik ki, bizim pula ehtiyaclığımız var, ondan ötrü ki, “Hər ki bəd xod dər süal güşad- Ta bemirəd niyazmənd bəvəd” “Əz begüzar və padşahi kon Kərdənibitəmə bülənd bəvəd”. “Molla Nəsrəddin”, 28 aprel 1907, №17 * * * Gəncə mollalarına Ey Gəncə mollaları! Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız. Siz görürsünüz ki, indiyədək mən sizə bir söz deməmişəm. Amma siz mənim qədrimi bilmədiniz. İndiyədək çox vaxt məclislərdə mollalardan söz düşəndə bəziləri deyirdilər ki, bizim Qafqazda üləma yoxdur, amma mən onlara deyirdim ki, “yox, elə danışma, şayəd bir para yerlərdə ülamamız ola” və bu sözləri deyə-deyə mən bu bir para yerlərə könlümdə Gəncəni də daxil eləyirdim. Heyif, heyif mənim ümidimə və xəyalıma! İndiyədək molla məsələləri barəsində biz “Gəncə” sözü məcmuəmizdə yazmamışıq və bu xüsusda çox yerdən kağızlar almışıq ki, “nə səbəbə Gəncə üləmasından söhbət açmırsınız?”. Biz genə səbr edirdik, ondan ötrü ki, indiyədək danışmağımıza bir səbəb yox idi. Ey Gəncə mollaları! Həqq -səyimiz sizi tutsun! Vaqeən, mən indi öz-özümə fikirləşirəm ki, niyə görəsən biz bu günlərə qaldıq? Sonra öz-özümə deyirəm ki, bəlkə biz o səbəbə bu günlərə qalmışıq ki, bizim üstümüzdə üləma yoxdur? Öz-özümə deyirəm ki, bəlkə elə doğrudan bizim içimizdə üləma yoxdur? Sonra genə öz-özümə deyirəm ki, əgər bizim içimizdə üləma var, di pəs hardadılar ki, görsənmirlər? Sonra deyirəm bəlkə Bakıda, İrəvanda, Şamaxıda, Naxçıvanda, Salyanda, Danabaş kəndində, Karsda var? (Buradan haşiyə çıxıram və Kars qazisindən llotu-lotuyana təvəqqe edirəm ki, sünnişiə söhbətini aradan götürsün. Bax, mən ölüm deyəndə su durar. Mən ölüm lotu-lotuyana aradan bu cür söhbətləri götür). Hə, gələk söhbətimizə. Ey Gəncə mollaları! Mən indiyədək elə bilirdim ki, sizin təklifiniz xalqı məscidə yığıb onları vəz və nəsihət ilə Allah yoluna dəvət etməkdir və mən elə bilirdim ki, haman təklifinizi əmələ gətirməkdən savayı dəxi sizin özgə işiniz yoxdur. Amma maşallah, maşallah, belə məlum olur ki, sizin özgə bir peşəniz də var imiş. İndi məlum olur ki, siz biçarə avam camaatı yığırsınız başınıza, sonra ortalığa bir meşok pul qoyursunuz və əvvəl özünüz düşürsünüz səcdəyə və möhür əvəzinə haman qızıl pulu öpürsünüz, sonra da çönüb avam camaatı zor ilə yıxırsınız yerə ki, onlar da sizin kimi üzü üstə yerə düşüb qızılları öpsünlər. Ey Gəncə mollaları? Budurmu ibadət? Mən elə bilirdim ki, siz minbərə çıxanda camaata deyirsiniz: camaat, gözünüzü açın, öz qədrü-qiymətinizi bilin, dövlətli görəndə baş əyməyin. Amma indi, ey Gəncə mollaları, siz özünüz bir qızıl torbası görəndə, uşaq qırmızı alma görən kimi düşürsünüz iməkləməyə. Budurmu mollalıq?!! “Molla Nəsrəddin”, 5 aprel 1907, №18 * * * Molla Cəfərqulu Əcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var… Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir. Ax, Molla Nəsrəddin, lal ol, çox işlərə əl aparma! Çox sirləri açma, pərdələri qovzama, çox çirkləri qurtdalama ki, üfunəti dünya və aləmə yayılsın! Hər kəs ki, əcnəbilərin və müsəlmanların da əhli-əyal və ər-övrət işlərindən yaxşıca xəbərdardır, mənim sözlərimi başa düşər; amma hər kəs xəbərdar deyil, yaxşısı budur ki, heç sözümə qulaq verməsin. Bunu heç kəs dana bilməz ki, əcnəbilər və kafirlər məhz bir arvad alırlar və ölən günə kimi həmin bir arvada qane olurlar. Əgər bunlar bir-birini xoşladı, ömrlərinin axırınadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə bir tövr rəftar edəcəklər ki, ömrlərini başa versinlər. Və əgər bir-birinə ikrahı oldu, – o surətdə bunlar ayrılacaqlar. Dünyada bu təbii bir şeydir və belə də gərək olsun. İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola bir özgə övrətə yavıq düşür. Amma burada iki böyük təfavüt var: Əvvələn, əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyl göstərməyi elə şiddətli təqsir hesab olunur ki, əgər övrəti bu əməldən xəbərdar olsa, həmin saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verir. Saniyən, əcnəbilərin və kafirlərin içində bir övrətə iktifa etməyib bir neçə övrət dalicə düşən və fahişəxanalara gedənlər tərbiyəsiz cavan və subay, yəni evlənməmiş kişilərdir. İndi gələk müsəlmançılığa. Doğrudan, müsəlman içində vardırmı arvadbazlıq, lotuluq və fahişəbazlıq, ya yoxdur? Bilmirəm, bəlkə yoxdur? Allah eləyə ki, yox ola! Bu sözləri yaza-yaza akoşkadan baxıram qara bulutlara. Gah elə xəyalıma gəlir ki, bu bulutlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyr, bu bulutlar müsəlman övrətlərinin ahü əfqanlarının bulutlarıdır və bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır!.. Bəli, gələk müsəlmançılığa. Burada yenə iki təfavüt var. Biz ilə əcnəbilərin əvvəlinci təfavütü budur ki, müsəlman içində övrət sahibi bir kişinin özgə övrətə meyil göstərməyi və özgə övrətə yavıqlıq eləməyi ibadət kimi bir savab əməl hesab olunur. Və ikinci təfavüt də budur ki, müsəlman içində bir övrətə qane olmayıb, bir neçə övrət dalicə düşənlər – mömin və müqəddəs qırmızı və qarasaqqal hacı, məşədi və mollalarımızdır. Bunlar hamısı iki şeydən əmələ gəlir: Əvvələn, bir övrətdən artıq almağın şəraitini mollalarımız xalqa bəyan eləmirlər; çünki bu da onlar üçün bir mədaxil yoludur. Odur ki, bir kişi küçədə getdiyi yerdə görür ki, flan övrətin topuqları ağdır və yoğundur, topuqlar da ki, Allah şükür, açıqdırlar (və məhz elə bundan ötrü da övrətlərimiz tumançaq gəzirlər). Bəli, elə o lazımdır ki, məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, flan övrəti al mənə! Molla da dəli deyil ki, xəbərdar olsun ki, aya bu məşədinin evində övrət var, ya yox. Əlüstü kəllə qənd gəlir ortalığa, – vəssalam! Saniyən, bu lotubazlıqlar və arvadbazlıqlara rövnəq verən – siğəbazlıq məsələsidir. Bunu gərək cəmi məşədilərimiz bilərlər ki, məsələn, Xorasanda mollalarımız bir övrəti bir saatda on nəfər kişiyə “siğə” edirdilər. Bizim məşədilərin çoxusu bu cür siğələrdən feyziyab olublar. İndi elə adət bu cür düşüb ki, Xorasanda övrət siğə eləmək də ziyarətin şəraitinin birindən hesab olunur. Biz deyirik ki, bunlar hamısı ibadətdir; amma kənardan baxan əcnəbilər bizə deyirlər: “Ay müsəlman qardaşlar, siz bizim cavanlarımızı məzəmmət eləyirsiniz ki, lotu və fahişəbazlığa mürtəkibdirlər; amma, Allaha şükür, sizin ki, məşədiləriniz gündüz ziyarət etdikdən sonra, gecələr fahişəxanalarda özlərinə mənzil qərar verirlər”. Yalandırmı bu sözlər? On altıncı nömrəmizdə Molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. Bizim bu sözlərimiz Astarada cənab Hacı Mirzə Molla Cəfərqulu ağaya xoş gəlməyib və məsciddə buyurub ki, bu sözlər xilafi-şərdir. Axund Molla Cəfərqulu ilə gələn nömrələrdə danışmağı vəd edirik; çünki bu dəfə onsuz da çox hədərən-pədərən söylədik. Amma yenə əzbərayi-xali nəbudən bir şey lazım bilirəm axunddan soruşam: Cənab Molla Cəfərqulu ağa! Mənim sözlərimmi xilafi-şərdir, yainki Mirzə Əbdülkərim sədri-xüddambaşı ilə şərakət edib fahişə övrətə, nökərin adına siğə cari etmək və beş-altı gecə evdə saxlayıb kef çəkmək? Qalsın gələn həftəyə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1907, №19 * * * Erməni və müsəlman övrətləri Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir. İndi baxıb görək ki, niyə buna razı olmuruq? Hər kəs desə ki, biz övrətlərimizin üzüaçıq gəzməyinə ondan ötrü razı olmuruq ki, xilafi-şəriətdir – yəqin ki, yalan deyir. Əvvələn, heç bir müsəlman indiyədək bu xüsusda özünə zəhmət verib, bu məsələni əsl üləmadan soruşub öyrənməyib və bəlkə çox müsəlmanlar soruşub biliblər ki, övrətin üzüaçıq gəzməyi şəriətə xilaf deyil. Bəli, üz açmaq xilafi-şəriət deyil. Çünki biz quranda üz açmağı qədəğən və haram edən açıq bir ayə və işarə görmürük. Budur quran, budur meydan! Üz açmağın guya haram olmağına dair bir para üləmanın gətirdikləri dəlillərin ən möhkəmləri bu aşağıdakı ayələrdir: Qül lilmöminati yəğzüzən min əbsarihinnə və yəhfəznə fürucihin və la yübdinə zinnətəhünnə illa ma zəhərə minha. Mənası: ya Məhəmməd, arvadlara de ki, gözlərini yumsunlar, övrəteynlərini gizlətsinlər, zinətlərini aşkar etməsinlər, açıqda olan zinətlərindən savayı. Vəl yəzrübnə bixümürühinnə əla cüyubihinnə. Mənası: arvadlar çarqatlarını boyunlarına salsınlar; yəni boyunlarını və sinələrini örtsünlər. Ya eyyühənnəbiyyü qül li əzvacikə və bənatikə və nisaəl-mömininə yüdninə əleyhün min cəlabibihinnə zalikə ədna ən yörəfnə fəla yözeynə. Mənası: ey peyğəmbər, öz arvadlarına, qızlarına və mömünlərin arvadlarına de ki, üst örtüləri ilə bədənlərini örtsünlər və bu vasitə ilə kənizlərdən ayrılıb, hürr olduqlarını bildirsinlər, ta ki onları kəniz zənn edib sataşmasınlar. Budur, guya üz açmağı haram edən ayə və dəlillərin ən möhkəmləri! Halbuki həmin birinci ayədəki “ila ma zəhərə minha” fərmanı ilə haqq-təala üz açmağı cayiz buyurur. Bu ayələrin heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini qapasınlar. Birinci ayənin ən sərih mənası budur: naməhrəm məhəllərə, naməhrəm hallara baxmayınız, övrəteynlərinizi (ərəbcəsinə diqqət ediniz) örtünüz, təbii zinətlərinizi, yəni bədəninizin zinət təki olan içəri məhəllərini aşkar etməyiniz; amma əl, üz kimi zahir zinətlərinizi aşkar ediniz. Budur birinci ayənin əsl ruhu, əsl mənası. İkinci, üçüncü ayələrdə də üz qapamağa dair bir tük qədəri də işarə yox. Ayələrin cümləsində nəhy və haram olan xüsuslara nəinki təkcə bir müsəlman övrətləri, bəlkə cümlə qeyri məzhəb arvadları da rəayət etməlidirlər. Çünki bunlar hamı üçün lazımdır. Odur ki, bu gün bədənin əl və üzdən savayı qeyri yerlərini göstərməməyə, rüxsətsiz içəri girməməyə bizdən artıq xaçpərəstlər əməl edirlər. Çox xüsuslarda olduğu kimi, burada da biz ayənin əsl ruhunu itirib, arvadların övrəteynini gizləməklə üzlərini gizləməyi bərabər tuturuq ki, bundan da daha aşkar cəhalət ola bilməz. Xülasə, bizim etiqadımız bundadır ki, üz açmaq xilafi-şər deyil. Bu barədə əlimizdə şəri dəlillərimiz çoxdur. Amma belə xırda məcmuədə bundan artıq təfsilat vermək istəmədik. Biz deyirik hansı alim üz açmağı quran ayəsilə haram bilirsə, buyursun; ən möhkəm dəlillərlə cavab verməyə hazırıq. Amma indidən burasını deyirik ki, “qayırma hədislər”lə bizim işimiz yoxdur. Keçək əsil mətləbə. Heç kəs deməsin ki, mən şəriət naminə övrətimi qoymuram üzüaçıq gəzsin. Əgər biz gedib görək ki, məsələn, övrətimiz əlinə bir yekə dəyənək alıb, öz anasını döyür, – biz övrətə heç bir söz demərik. Halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. Amma əgər biz övrətimizi küçədə üzüaçıq görsək, vurub öldürərik. Aşkardır ki, burada özgə səbəblər var. Həmin səbəblərin biri budur ki, övrətlərimizin örtülü dolanmağı bizlərdə bir adətdir düşübdür. Mən baxıram ki, heç bir müsəlman övrəti müsəlman içində üzüaçıq gəzmir və bunu görüb, mən də razı olmuram ki, övrətim üzünü açsın və aça da bilməz! Əgər tək bircə mənim övrətim üzünü açsa, onu bikar müsəlmanlar “hoyda-hoydaya” götürərlər və mənim də adımı “biqeyrət” qoyarlar. Ərəbistanda, İranın çox yerlərində, Osmanlıda və Rusiyada müsəlman övrətləri üzüaçıq gəzirlər. Amma Qafqazda işlər özgə cürdür. Söhbət düşəndə bizim qeyrətli kişilərimiz deyirlər ki, belə lazımdır, çünki övrət üzüaçıq gəzib dolansa, özgə kişi ilə aşnalıq qatar. Əsl mətləb buradadır. Əgər həqiqətdə bizim övrətlərimiz belə etibarsız və bihəyadırlar, söz yox ki, lazımdır onları qoymayaq evdən eşiyə çıxsınlar. Amma görək doğrudurmu bu tövr gümanımız? Aya övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə əlimizdə bir sübut var, ya yox? Qonşularımız erməni övrətləri gözlərimizin qabağındadır. Bunlar üzüaçıq dolanırlar. Heç bir insaf əhli deyə bilməz ki, erməni övrətləri özgə kişilər ilə aşnalıq qatırlar! Mən bu sözlərimi o kəslərə deyirəm ki, erməniləri yaxşı tanıyırlar və erməni övrətlərinin ər və övrət rəftarlarına yaxşı bələddirlər; özgələr ilə işim yoxdur. Hansı vicdan sahibi müsəlman deyə bilər ki, erməni övrətləri həyasızdırlar? Hansı bir müsəlman görüb və eşidib ki, erməni övrətləri ərlərinə xəyanət etsinlər və özgə kişiyə meyil göstərsinlər? Hansı bir gözəl və cavan müsəlman bacarar bir erməni övrətini özünə aşna eləsin? Söz yox ki, tərbiyəsiz və əxlaqsız övrətlər hər bir millətin içində tapılar. Amma insafı ortalığa qoysaq, baxıb görərik ki, fahişə övrətlər ermənilərin içində nə qədər olsa, müsəlmanların içində bundan az deyil. Sözün doğrusunu danışmaq da bir hünərdir; yoxsa öz-özümüzü başlayaq tərifləyək və özgələri pisləyək – bu yaxşı deyil. Mənim sözüm budur ki, ümumiyyətlə heç bir millətin barəsində demək olmaz ki, flan millətin övrətləri bietibar və ismətsizdir, ya flan tayfanın övrətləri vəfalı və həyaladır. Yer üzündə bəni-noi-bəşər bir cür yaranıb. İnsan dünyaya gələndən sonra başlayır tərbiyə tapmağı və nə cür ki, tərbiyə tapır, axırda elə də olur. Hər millətin içində pis övrətlər var; həmçinin müsəlman içində. Müsəlman içində tapılan fahişə övrətlər dörd divarın içində, çadirşəb altında böyüyüblər. Amma müsəlman övrətlərindən çoxları da var ki, tərbiyə tapıb, üzüaçıq gəzirlər; Allah eləsin ki, mənim bacım və övrətim həmin övrətlər kimi həyalı və vəfalı, saf və səlamət olsunlar. Ermənilərin tərbiyəli övrətlərinin içində mən bir nəfər də əxlaqsız və həyasız övrət görməmişəm. Amma erməni kəndlərində mən fahişə övrət çox görmüşəm və halonki kəndlərdə erməni övrətləri üzləri örtülü gəzirlər. Vardırmı ixtiyarımız bu tövr xəyal eləməyə? Övrətlərimizin nədir günahı ki, biz onların xüsusunda belə bədgüman ola-ola biçarələri qatmışıq dustaqxanalara və onları özümüzə qul, kəniz, aşpaz, fəhlə və oyun-oyuncaq eləmişik? İndi görək biz özümüz nəyik? Əgər müsəlman övrətlərində bircə tikə qeyrət və qanacaq olsa, əgər müsəlman övrətləri gözlərini açıb, qəflət yuxusundan oyansalar, biz kişilərdən boşanıb, yəhudilərə, bütpərəstlərə, yaponlara… övrət olmağı rəva görərlər. Baxaq bir biz müsəlman kişilərinə və görək ki, biz özümüz nəyik və hansı bağların çiçəyiyik? Biz övrətlərimizi dama qatırıq, amma özümüz mütrüb məclisinə gedib, mütrübləri qucaqlayırıq… Biz övrətləri dama qatırıq, amma övrət-uşağımızın ruzisini sarısaçlı əcnəbi fahişələrinə xərcləyirik. Biz övrətləri dama qatırıq, amma kənarda da hansı bir övrətin topuqlarını xoşlasaq, onu siğə edirik. Bu işlərin çarəsi Bunların hamısının tək bircə çarəsi var: bunun çarəsi balaca qızlarımıza tərbiyə verməkdir və oxutmaqdır. İndi bu saat bizim övrətlərimiz evdə oturub, saqqız çeynəyirlər. Onların üzüaçıq gəzməyi indi bu saat heç lazım deyil: Biz onlara bu cür təklifi eləsək də, onlar heç bizim sözümüzü başa düşməyəcəklər və bizə belə cavab verəcəklər: “Sən Allah, a kişi, ətimizi tökmə! Elə o qalıb ki, rus arvadları kimi başıaçıq gəzək!” Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır. Elə ki, qızlarımız elmli və tərbiyəli olub, öz qədrlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər. * * * Bu sözləri yaza-yaza biz özümüz də bilirik ki, bu sözlərin hamısı hərf və hədyandır. Söz yox ki, hər kəs bu sözləri oxusa, qulaqları taqqıldayacaq. Və biz özümüz də bunları yazandan sonra oxuduq, qulaqlarımız taqqıldadı. Biz bu sözləri ondan ötrü yazdıq ki, bundan savayı özgə bir mətləb tapmadıq. Hər kəs bu barədə bizim əqidəmizi soruşsa, biz belə cavab verərik: Əvvələn, qız uşaqlarını məktəbə verməkliyin vəbalı atalarının boynundadır. Saniyən, səkkiz yaşına çatmamış qızları ərə vermək cayiz deyil. Salisən, atın və övrətin vəfası yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin” 19 may 1907, №20 * * * Gülmək Birinin üstünə gülmək pis şeydir. Biz uşaqlıqda birinin üstünə güləndə anamız bizə deyərdi: “Balam, gülməyin, yoxsa axırda sizin də üstünüzə gülərlər”. Və anamız bizi öyrətmişdi: bir kəsin üstünə güləndə yapışardıq qulaqlarımızın ucundan çəkərdik ki, bizim də başımıza gəlməsin və üstümüzə gülməsinlər. Biz Qafqaz müsəlmanları indiyədək iranlıların üstünə gülərdik ki, yazıqlar dalı qalıblar. İndi belə məlum olur ki, biz o vaxtlar iranlıların üstünə güləndə qulağımızın ucundan yapışıb çəkməmişik və bu səbəbdən indi biz də o hala düşmüşük ki, bizim üstümüzə iranlılar gülürlər. “Həbül-mətin” ruznaməsi Gəncə mollaları barəsində uzun bir söhbət açıb və axırda yazır ki, Gəncə mollaları işi o yerə yetiriblər ki, Qafqaz Şeyxül-islamına götürüb yazırlar ki, Şeyxül-islam müəllimlərin ictimaına mane olsun, ondan ötrü ki, müəllimlərin və məktəblərin tərəqqisi və artmağı axırda bais olacaq mollaların fənd və fellərinin üstünün açılmağına. Məqalənin axırında “Həbül-mətin” belə yazır: Təbrizdə Hacı Mirzə Həsən ağa bircə dəfə mücahidlər barəsində narazılıq izhar etmək ilə onu təbrizlilər şəhərdən kənar elədilər, amma Gəncə Hacı Mirzə Həsən ağaları Qafqaz mücahidlərinin xüsusunda danosbazlıq və şeytançılıq eləyə-eləyə bunların hörməti gəncəlilərin içində daha da artır. “Həbül-mətin” deyir: gör təfavüt nə dərəcədədir? “Molla Nəsrəddin”, 19 may 1907, №20 * * * Millət qurbanları Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür? Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm. Dünən, məsələn, kitab dükanına getdim ki, bir cild “Məsalikülmöhsinin” alım. Soruşdum qiyməti neçədir? Kitabçı cavab verdi ki, qiyməti üç manatdır. Dedim bəlkə bu kitabçı bahacıldır, getdim bir özgə dükandan soruşdum, genə üç manat dedilər. İndi, ay Molla əmi, sən Allah bir məni başa sal görüm, millət yolunda malı fəda etməyin mənası nədir? Bağışla, Molla əmi, başağrısı verirəm, amma yadımdadır keçən vaxtlarda cənab Talıbov “İrşad” qəzetində yazmışdı ki, “mən malımı millət yolunda fəda etmişəm”. Mən o vədə elə güman etdim ki, bəlkə cənab Talıbov əvvəl dövlətli adam imiş və var-yoxunu xərcləyib İran uşaqları üçün məktəb-zad açıb, ya vətən yolunda böyük pullar məsrəf edib və axırda özü kasıbçılığa düşüb. Amma sonra xəbərdar oldum ki, bunların heç birisi deyil və xəbərdar oldum ki, əvvəl Talıbov bir kasıb adam imiş, amma indi böyük dövlət qazınıb. Genə fikrə getdim, dedim pəs görəsən bu ki, yazır “mən malımı millət yolunda fəda etdim”, pəs bu sözlərin mənası nədir? Axırda xəbərdar oldum ki, cənab Talıbov kitab yazandır. Dedim hə, indi başa düşdüm və yəqin elədim ki, cənab Talıbov əlbət kitab yazır müsəlman qardaşlarına müftə paylayır ki, oxuyub adam olsunlar. Molla əmi, hələ bir mən ölüm de görüm yazacaqsanmı mənim bu sözlərimi ya yox? Molla əmi, indi eşidirəm ki, cənab Talıbov yazdığı kitabların hamısı satılıb, məsələn, “Kitabi-Əhməd” – bir cildi iki manat, “Məsailülhəyat” – bir cildi bir manat, “Məsalikül-möhsinin” – bir cildi üç manat. Molla əmi, sən Allah, incimə məndən, amma bir-iki mətbəəyə gedib kitab çap eləmək işlərini öyrəndim və hər yanda mənə cavab verdilər ki, bu kitablar hamısı qiymətindən üç baha satılır. İndi mən cənab Talıbovun sözlərini yadıma salıram və nə qədər fikirləşirəm, fikirləşirəm, başa düşə bilmirəm ki, millət yolunda malı fəda etməyin mənası nədir? Sən Allah, Molla əmi, bir bax lüğətinə. Molla əmi, istəyirəm bir söz də deyim. İndi ki, başağrısı oldu, qoy sözümü deyim qurtarım. Cənab Talıbov “İrşad” da yazmışdı ki, malından savayı canını da millət yolunda fəda edib. Molla əmi, dəxi bu barədə mənim heç sözüm yoxdur: ancaq Teymurxan şuraya yolu düşən və cənab Talıbovun zindəganlığından xəbərdar olan iranlı qardaşlarımı bir dənə Allaha and verirəm, qoy desinlər: İranın hansı sərdarından, xanından və vəzirindən cənab Talıbovun istirahı, səadəti və cəlalı əskikdir? Bağışla, Molla əmi, bəlkə mən qanmıram, avam adamam, amma onu bilirəm ki, canını millət yolunda fəda eləyən bu cür dövlət və cəlal sevməz. Belə olanda mən də arzu elərəm ki, cənab Talıbovun canı kimi kaş mənim də canım millət yolunda fəda olsun. Hələ ki, xudahafiz, Molla əmi! İmza: Millət yolunda canını və malını fəda edən bir nəfər Canfəda. “Molla Nəsrəddin”, 26 may 1907, №21 * * * Qafqaz şeyxülislamına iki dənə açıq məktub Əvvəlinci məktub Cənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş-iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxudursunuz. Bunları mən eşitmişdim, amma inanmırdım. Ondan ötrü ki, müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi xilafi-şəriətdir və belə olanda mən heç istəmirdim inanam ki, üzüaçıq müsəlman övrəti ilə siz görüşürsünüz və danışırsınız. Amma mayın 27-ci günü saat on birdə siz cənabınızı mən gördüm Tiflisin “İnstitut” məktəbində. Orada dərs qurtaran qızlara şəhadətnamə paylayırdılar və sizi də oraya dəvət eləmişdilər. Siz orada on beşiyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız. Nə danışdınız, nə danışmadınız, – onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız. Cənab şeyx! Mən sizdən təvəqqə edirəm ki, məni başa salasınız görək həmin on beş-iyirmi yaşında müsəlman qızlarının üzüaçıq kişilərlə və habelə siz cənabınızla danışmaqları xilafi-şəriətdir, ya yox? Məlum şeydir ki, bizlər avamlıq və sizin ayaqlarınız biləni bizim başımız bilməz. Ancaq biz bunu bilirik ki, həmin məktəblərdə müsəlman qızları iyirmi yaşa çatana kimi doqquz il dərs oxuyurlar, bu doqquz ilin müddətində doqquz min kişi ilə və müəllimlər ilə üzüaçıq görüşüb danışırlar və siz cənabınız da bu işləri görə-görə və bilə-bilə yenə həmişə özünüz də buyurursunuz haman yerlərə və müsəlman qızları ilə görüşüb danışırsınız və onlara düşəndə “mərhəba” da deyirsiniz. Cənab şeyx, çox təvəqqə edirəm ki, buyurasınız görək bu işlər nə işdir? İkinci məktub Cənab şeyx! Haman “İnstitut” məktəbində dərs oxuyan qızların dərsi tamam eləmək şəhadətnamələrinə siz də baxırdınız və sonra həmin şəhadətnamələrə mən də baxırdım. Erməni, rus və gürcü qızlarının şəhadətnamələrindən belə məlum olur ki, erməni, rus və gürcü qızları özgə dərslərdən əlavə elmi-ilahi və ana dili də oxuyublar; amma müsəlman qızlarının şəhadətnamələrində yazılıb elmi-ilahi və ana dili oxumayıblar. Cənab şeyx! Bağışlayınız məni, bu işləri yaxşı qana bilmirəm və sizin ayağınız biləni bizim başımız bilməz, – amma siz bunu da bilirsiniz və görürsünüz ki, həmin siz buyurduğunuz məktəbdə hər millətin qızlarına öz dinlərindən və dillərindən dərs verirlər; amma istəmirlər ki, məktəbdə ayı on beş manatlıq bir müsəlman müəllimi saxlasınlar ki, iyirmi yaşında müsəlman qızları dərs oxuyub qurtaranda müsəlmanca adlarını yaza bilsinlər və müsəlmançılıqdan heç olmasa bir neçə söz öyrənsinlər. Bağışlayınız, cənab şeyx, bu sözləri sizdən soruşmaq biədəblikdir; amma siz məktəbə faytonda gedəndə mən elə bildim ki, siz gedirsiniz məktəbin rəisi ilə dava-mərəkə edəsiniz ki, niyə müsəlman qızlarına müsəlman dərsi oxutmurlar; amma indi belə məlum olur ki, siz heç kəslə dava eləməyibsiniz və məhz qızlarla söhbət eləməyə buyurubsunuz. Və bu da məlum olur ki, indi iyirmi ildən çoxdur ki, hər il məktəbə buyurub qızlarla söhbət eləyibsiniz, bunu görübsünüz ki, iyirmi yaşında müsəlman qızları müsəlmanca danışa bilmirlər və siz onların çoxu ilə rusca danışıbsınız. Amma heç kəslə dava eləməyibsiniz ki, niyə müsəlman qızlarını ruslaşdırırlar. Cənab şeyx, məlum şeydir ki, sizin ayaqlarınız biləni bizim başımız bilməz; amma bunları adam fikir eləyəndə, lap adamın ağlı-zadı çaşır. Cənab şeyx, mən Qazı Ağa Mirkərim ağa buyurduğu kimi “kafir” ola-ola yenə müsəlman qızlarına yazığım gəldi və məktəbin rəisinə dedim ki, niyə müsəlman qızlarına elmi-ilahi və ana dili oxutmursunuz, – amma, siz, müsəlmanların şeyxi ola-ola bu barədə heç kəsə bir söz demədiniz. Sən Allah, cənab şeyx, buyurunuz görək bunlar nə işdir? Aman günüdür, cənab şeyx, bunlar nə işdir? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 iyun 1907, №22 * * * Bir neçə günlüyə Zövci-axər məsələsi Məcmuəmizin 19-20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəba söyləyəcək. Amma indi nə görürük? İndi də görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşməyib deyirlər ki, “Molla Nəsrəddin şəriəti iztehza edir”. Dəxi bu barədə heç kəs ilə bizim işimiz yoxdur, heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və genə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdmənd kimi gedib övrəti təzə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bilmərrə uzaq və şəriətdən kənar bir işdir. Şəriət sahibi oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdi və belə quli-biyabani əməllərini şəriətə isnad vermək özü küfrdür. Şəriətdən əbəda xəbəri olmayan ordubadlı kərbəlayı və məşədi qardaşlarımızdan xahiş edirik qulaq verib görsünlər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir. Şəriət buyurur ki, “üç təlaqdan sonra ər övrətini dəxi ala bilməz, illa gərək övrət gedə ərə və aradan o qədər keçə ki, kişi öz xahişi ilə övrəti boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri təsadüfən rast gəlsə məhz o və də haman övrəti ala bilər”. Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq versinlər Ordubadın qırmızı saqqallıları, sarı beyinlilər. Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxada Dərdmənd övrətini üç təlaqdan sonra verir Kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, “Sən Allah övrətimi ver özümə” zəmani ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç təalaqdan sonra övrətini verir tulambarçısına və üç gündən sonra gedib yalvarır ki, “sən Allah mənim övrətimi boşa mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğəmbərin şəriətindən bu dərəcədə kənara çıxıblar və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtəkib olublar? Biz qüssə edirik ki, nə səbəbə bizim bir para mollalarımız Allahın yolunu binəva müsəlmanlara necə ki, lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, din və şəriətdən bu dərəcə kənara düşüblər? Budur bizim sözümüz. Qoy hər kəs nuxalı Dərdməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlarını xoşlayır xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nənə əməllərini təsdiq edir etsin, qoy üç təlaqan sonra övrətlərini bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, – amma biz deyirik ki, şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin əsla xəbəri yoxdur. Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 iyun 1907, №23 * * * Hanı qırx beş min manat? Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu. Bunu biz bilirik. Bunu bizdən savayı dünya və aləm bilir. Bir ildən artıqdır ki, qəzetlərin hər bir nömrəsini açırsan ki, görəsən təzə xəbərdən-zaddan nə var nə yox, elə qəzeti açan kimi görürsən ki, başdan yekə xətt ilə yazıdıb: “Gəncə aclarına bu qədər pul yığıldı”. Hətta övrətlər də qeyrətə gəlib başladılar bir yerə cəm olmağa və aclara pul yığmağa. Hətta bir dəfə də bacılarımız Hacı Zeynalabdin Tağıyevin evinə də cəm olmuşdular. Hərçənd ki, xanımlar dağılandan sonra Hacının gümüş qaşıqları da dağıldılar, amma nə eybi var, Hacının halına nə təfavüt elər? Qərəz, bir az müxtəsər söyləyək. Biz bunu istəyirik oxucularımıza ərz edək ki, neçə ayların müddətində, nə qədər zəhmətlərdən sonra neçə dəfə bir yerə cəm olub danışmağın, çalışıb vuruşmağın nəticəsi bu oldu ki, milyonçularımızın sandıqlarından, mülkədarlarımızın pul küpələrindən, hacılarımızın kisələrindən və xanımlarımızın qoltuq ciblərindən Gəncə aclarına əvvəl-axır qırx beş min manat pul cəm oldu. Çox gözəl! Allah bərəkət versin! Qırx beş min manat zarafat deyil. Hərçənd Gəncə aclarına qırx beş yüz min manat da azdır, amma dəxi buna milyonçular, mülkədarlar və tacirlər nə eləsinlər? Məgər beş qəpik, on qəpik yığmaq ilə bu qədər acların qarnını doydurmaq olar? Bir deyillər, beş deyillər: Zəngəzurdan başlamış Gəncəyədək hər yerdən xəbər tutursan, görürsən ki, kəndlilər aclarından naxoşluq tutub qırılırlar. Və bir də Allahın bəlasını qaytarmaqmı olar? Hələ sözümüz burda deyil, sözümüz burdadır ki, necə oldu hıqqına-hıqqına yığılan qırx beş min manat? Yəni necə oldu qırx beş min manat? Bu sözləri deməkdən heç kəs xəyal eləməsin ki, bəlkə mən ianə cəmiyyətindən bədgüman olmuşam. Xeyr, mən heç kəsdən bədgüman deyiləm. Ancaq, bir sözdür fikrimə gəlib danışıram. Doğrudan necə oldu qırx beş min manat? İndi bir bikar adamın beyninə düşə gedə Bakıda ianə cəmiyyətindən soruşa ki, necə oldu qırx beş min manat, mən burada Tiflisdə otura-otura və cəmiyyətin təbiətindən, məzarından xəbərdar olmayaolmaya bu saat deyə bilərəm ki, cəmiyyətin adamları bu sözə nə cavab verəcəklər. Cəmiyyətin adamları, məsələn, deyəcəklər ki, qırx beş min manatın bir qədərini verdik iki vaqon un aldıq və filan vaxt göndərdik Gəncəyə ki, putu bir manat otuz qəpikdən satsınlar aclara və bir qəpik də onlardan qazanc eləməsinlər. Ondan sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt genə iki vaqon un aldıq və göndərdik ki, putu bir manat otuz qəpikdən paylasınlar Zəngəzur aclarına və bir qəpik də qazanc eləməsinlər. Sonra cəmiyyətin adamları deyəcəklər ki, filan vaxt min manat göndərdik Ağdama ki, paylasınlar aclara, sonra filan vaxt filan yerə filan qədər pul göndərdik ki, paylasınlar aclara, sonra filan, filan, filan. Amma indi bir bikar və axmaq adam gedə cəmiyyətdən soruşa ki, “mümkündürmü hesab-kitablarınıza baxmaq? – mən burada Tiflisdə otura-otura bilirəm ki, cəmiyyətin adamları nə deyəcəklər; deyəcəklər “necə hesab-kitab?. Amma zarafat kənarda qalsın, doğrudan da görəsən necə oldu qırx beş min manat? Çox əfsus ki, cənab qazi Ağa Kərim ağa and içibdir ki, camaatın işlərinə qarışmasın. Genə keçənlərdə qazi ağa cəmiyyətin işlərinə qarışırdı və bu qarışmaqlıq ilə camaatı xoşbəxt edirdi. Amma heyif ki, indi yaxasını çəkib kənara və bakılıları başıaçıq qoyub. Doğrudan hələ görəsən necə oldu qırx beş min manat? Bir neçə gün bundan irəli yolum düşdü Bakıya və ianə cəmiyyətinin üzvlərinin birindən soruşdum ki, necə oldu qırx beş min manat? Mənim bu sözümün cavabında cənab üzv əlini uzatdı arxalığının cibindən bir ovuc köhnə çirkli və əzilmiş kağız-kuğuz çıxartdı və bu kağızların içindən bir neçə poçt və teleqram qəbzi çıxartdı və qabağıma bir çotqa qoyub dedi ki, hesab elə. O dedi, mən saldım, o dedi, mən saldım, o dedi, mən saldım. Axırda zorla-güclə oldu iyirmi min manat. Dedim: “Hələ tutaq ki, bunlar düzdür, pəs qalanı hanı?”. Rəfiq bir az baxdı üzümə, bir papiros çıxardıb verdi mənə və dedi: “Ürəyini sıxma, Allah kərimdir, hər şeyin başı səlamətlikdir, bunlar hamısı keçib gedər”. Mozalan “Molla Nəsrəddin” 19 may 1907, №24 * * * Cəfəngiyat Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı, öz işinə məşğuldu: əkinçi əkinini əkir, alış-verişçi alış-verişini eləyir, xanlar quş ovuna gedirlər, mollalar siğə edirlər, qəzetçilər qəzetlərini yazırlar, müxtəsər ki, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bəndər-bəndi, mən Allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam. Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də bir bir belə söz fikrimə gəlib. Amma, mən ölüm, hayküy salmayın; qoyun sözümü deyim, qurtarım, siz də oxuyunuz və oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin. Mən bunu demək istəyirəm ki, biz uşaqlarımızı göndəririk gedib, tibb elmini oxuyub və həkimlik şəhadətnamələrini alıb, qayıdırlar bizim içimizə və başlayırlar həkimlik eləməyə, necə ki, məsələn, bizim içimizdə məşhurdur deyirlər ki, “urus həkimi”. Bəli, bizim cavanlar da rus həkimləri kimi elm oxuyub, həkim olurlar. Mən bircə bunu qana bilmirəm ki, biz müsəlmanlara dərs qurtarmış həkimlər lazımdır, yainki lazım deyil? Bu sözləri oxuyan heç fikir eləməsin ki, mən zarafat eləyirəm. Bu məsələ vacib məsələlərin biridir və qabaqda mənim çox sözüm var və bu barədə mən hər nə ki, yazıram, – mənim ciddi sözümdür. Bəli, buyurunuz görək, rus həkimləri, yəni tibb elmini oxuyub, şəhadətnamə almış həkimlər müsəlmanlar üçün lazımdır, yainki lazım deyil? Bunu bilmək çox vacibdir, vacibdən də vacibdir. Ondan ötrü ki, əgər həmin həkimlər müsəlmanlar üçün lazım olmasalar, dəxi bundan sonra uşaqlarımızı nə üçün qoyaq gedib, həkimlik dərsi oxuyub gəlsinlər? Heç kəs xəyal eləməsin ki, bu məsələ xırda məsələdir. Ondan ötrü ki, əgər elmli həkimlər bizə lazım olmasalar, dəxi niyə xərc çəkmək və naxoşun üstünə dərs oxumuş həkim gətirmək? Əgər belə olsa, dəxi nə doktorbazlıqdır? Mən çox təvəqqə edirəm ki, buyurasınız görək, aya biz müsəlmanlara rus həkimi, yainki elm oxumuş həkim lazımdır, ya yox? Mənim cavabım: Mən, yəni Molla Nəsrəddin, deyirəm ki, bizlərə elmli həkim ya lazımdır, ya da ki, lazım deyil. Bağışlayınız, görürsünüz ki, sözümü birdən-birə deyib qurtarmadım. Doğrusu ki, vallah, qorxuram. Qorxuram hay-küy salasınız; qorxuram yenə Ordubad qırmızısaqqal kərbəlayıları yenə başlayalar ki, Molla Nəsrəddin qudurub!.. Keçən nömrəmizdə yazmışdıq ki, şuşalı Yəhya kişi rus həkiminin sözünə baxmayıb və anası üçün zəli alıb aparmayıb və anası haman gün axşam vaxtı vəfat edib. İndi gör Yəhya kişi bizə nə yazır: Yəhya kişinin idarəmizə gələn məktubu: Cənab Molla Nəsrəddin, jurnalınızın 24-cü nömrəsində mənə gülürsünüz ki, rus həkiminin sözünə baxmadım və anam üçün zəli alıb aparmadım. Cənab Molla əmi, siz nahaq yerə mənə gülürsünüz və mənim bu barədə bir tikə günahım yoxdur. O səbəbə ki, biz müsəlmanıq və məlumdur ki, hər millətin bir kitabı olar; biz də ki, müsəlmanıq, – bizim də kitabımız “İxtiyarat” kitabıdır və bu kitaba da ki, bir kəsin sözü ola bilməz. Və aşkardır ki, bu kitabın barəsində heç kəsin hünəri yoxdur bir söz danışsın; çünki bu kitab elə bir kitabdır ki, mən çarsu ilə keçən vaxt həmişə görmüşəm ki, bizim mömün hacılarımız və mollalarımız “İxtiyarat” kitabını əllərinə alanda əvvəl gərək öpələr, sonra açıb oxuyalar. Və həmin kitabın 89-cu səhifəsində, yuxarıdan on dördüncü sətirdə yazılıb: “Hər kəs ayın onunda qan aldırsa, dərdi artar və zəif düşər”. İndi, ay molla dayı, mən başıma nə çarə edəydim ki, urus həkimi bizə gələn günü cəmadiyəl-əvvəl ayının onu idi? Dəxi mənim çarəm nə idi? Dəxi mən o günü nə tövr zəli gətirə bilərdim evə? Anam da ki, vəfat elədi, əlbət ki, əcəli tamam imiş. Dəxi mənim üstümə nə haqq ilə gülürsən? Vəssalam. Şuşa əhli Yəhya kişi”. Yəhya kişinin həmin kağızı bizə çatan kimi biz “İxtiyarat” kitabını açıb baxdıq və gördük ki, Yəhya kişi yazdıqları təmamən səhihdir. Sonra biz həmin kitabı başdan-axıradək oxuduq və gördük ki, bu kitab başdan axıradək həkimlikdən danışır və heç bir dərd və azar yoxdur ki, bu kitabda ona bir çarə olmasın. Məsələn, kitabın 90-cı səhifəsində kitab yazan baş qırxdırmaqdan söhbət açıb yazır ki, hər kəs ayın əvvəlində başını qırxdırsa, ömrü az olar; ayın ikisində qırxdırsa, istədiyi əmələ gələr; üçündə qırxdırsa, zərər toxunar və axıradək bu cür yazılıb. Hələ bunlar qalsın, keçək qan aldırmaq məsələsinə. Doğrudan, bu məsələ vacib məsələlərin biridir. Hansı rus həkimi indiyə kimi eşidib ki, ayın onunda naxoş qan aldırsa, dərdi artar və zəif düşər? Belə olan surətdə dəxi nə lazımdır bir elə həkimin yanına getmək və belə bir həkimi naxoş üstə gətirmək? Mən neyləyirəm elə bir həkimi ki, bu tövr asan işlərdən xəbəri yoxdur? Dəxi onun elmi mənə nə lazımdır? Dəxi onun nə elmi var? Dəxi nə doktorbazlıqdır? Həqiqət bu məsələ elə bir xırda məsələ deyil. Bizim müsəlman camaatı bu barədə gərək çox diqqət eləsin. Doğrudan da, hər kəs istəyir, “İxtiyarat” kitabını açıb baxsın və görsün ki, bir naxoşluq vardırmı ki, ona bu kitabda bir çarə yazılmamış olsun. Amma mən bircə şeyi başa düşmürəm: yenə bununla belə bizim bir para müsəlmanlar dara düşəndə gedib naxoşlarına rus həkimi gətirirlər. Mən özüm Naxçıvanda öz gözümlə görmüşəm ki, mömün hacılarımız “İxtiyarat” kitabını əllərinə alan vaxt, elə bil ki, bir müqəddəs kitab əllərinə alıblar və öpməmiş açıb oxumayıblar. Amma bununla bərabər, yenə haman mömün hacılarımız dara düşəndə gedib naxoşlarına rus həkimi gətiriblər. Mən bu işləri başa düşə bilmirəm. Ancaq mən bunu deyirəm ki, ya rus həkimi, ya “İxtiyarat” kitabı? Hər kəs istəyir, buna etiqad eləsin; hər kəs istəyir, ona etiqad eləsin. Amma bunu da heç kəs yadından çıxartmasın ki, təbib nə qədər haziq olur-olsun, istər ki, ömrünün əvvəlindən axırınadək Avropa darülfünunlarında elm oxumuş olsun, amma bir surətdə ki, “İxtiyarat” kitabından onun xəbəri yoxdur, – mən ona nə həkim deyərəm, nə naxoşumun üstünə gətirərəm. Heç kəs deməsin ki, mən zarafat eləyirəm: bu, mənim doğru sözümdür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 iyul 1907, №25 * * * “Dəbistan” Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən? Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım: Mən sənə dedim: “dəli olma”. Sən dedin: “yox, “Dəbistan” çıxardacağam. Mən sənə dedim: “başına soyuq dəyib”. Sən dedin: “yox, çıxardacağam”. Mən sənə dedim: “görükür ki, çox pulun var”. Sən dedin: “yox, çıxardacağam”. Sonra sən mənə dedin: “pəs nə qayırım? “. Mən sənə cavab verdim ki, “həyə istəyirsən müsəlman içində bir qazanclı iş başlayasan, bir qədər pul götür, özünü ver Zəngəzur və Qarabağ aclarının içinə, adını qoy hacı Əliiskəndər və ac kəndlilərə beş manat ver, on beş manatlıq hüccət al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi mollasından dövlətli ol”. Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, məktəb uşaqları oxusunlar və qabağa gəlsinlər”. Mən sənə dedim: “sən sərsəmləyibsən”. Sonra sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”. Mən sənə cavab verdim ki, cibinə bir qələmdan qoy, saqqalını uzat, barmaqlarının uclarına həna qoy qızarsınlar və get əyləş müsəlman içində və başla ona-buna dua yaz. Sən dedin: “yox, “Dəbistan” çıxardacağam ki, millət oxusun və gözünü açsın”. Mən sənə dedim ki, “bir az az ye, çünki turşdu, ürəyinə dəyər”. Sən mənə cavab verdin ki, “yox, “Dəbistan” çıxardacağam”. Mən səndən soruşdum: “kim sənin “Dəbistan”ını alacaq?”. Sən dedin: “bakılılar”. Mən sənə cavab verdim ki, “bir qabaqca özünü ver Tyomni ryad çarsusuna, gör mümkündürmü bu tərəfdən o tərəfə keçmək? Gör bir sənin bakılıların çarsuya doluşub nəyə məşğuldurlar”. Sən dedin: “yox, “Dəbistan” çıxardacağam”. Axırda sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”. Mən sənə cavab verdim ki, “bari beynini qaraldıb “Dəbistan” yazınca get heç olmasa dur Bakının azarxanalarının qapısında və dava almağa gələn müsəlman övrətlərinə sataş və onlara tamaşa elə, ürəyin açılsın”. Mən gördüm ki, bu da sənin xoşuna gəlmədi və sən genə məndən soruşdun ki, “pəs nə qayırım?”. Mən sənə cavab verdim ki, “get yat”. Müxtəsər, əzizim, mənim nəsihətlərimin heç birisini qəbul eləmədin və lap axırda mənə dedin ki, “yox, “Dəbistan” yazacağam ki, millətimə bir mənfəət olsun”. İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin “Dəbistan”ını oxuyur? Gətir görüm, hanı “Dəbistan” ının qədrini bilənlər? Mən sənə demədimmi “biz müsəlmanlara “Dəbistan” zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: Qovun-qarpız vaxtıdı, nə “Dəbistan” bazlıqdı?”. Belədi, qardaşım, belədi dadaşım. İnan mənim sözümə ki, belədi. And içməyə ştraf qoymasaydılar, hər nəyə desən and içərdim ki, belədi. İndi də ki, qovun-qarpız vaxtıdı, nə “Dəbistan” bazlıqdı? Qızdırmalı “Molla Nəsrəddin”, 8 iyul 1907, №25 * * * Qız uşağı Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar. Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq. Amma öz aramızdı, qız uşağı bir şey deyil. Mən bunu çox yerdə görmüşəm ki, qız uşağı olan evdə xeyir-bərəkət olmur və çox evə də qız uşağı düşmür. Mənim bir xalam var idi: gəlini oğlan doğanda qırxı çıxana kimi hər gün gəlinə quymaq pişirərdi, amma qız doğanda yavan çörəkdən savayı bir şey verməzdi yesin. Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar, amma qızı olanda evdə hamı yas saxlayır. Mənə uşaqlıqda nağıl edərdilər ki, mənim anam anadan olanda babam eşidib və istəyib gəlsin anamı boğsun. Amma boğsaydı, deyəsən pis olmazdı: nə mən indi dünyada olardım, nə bu sözləri yazardım, nə də oxucularımıza başağrısı verərdim. Qərəz, evdə qız uşağı bir şey deyil. Amma söz buradadır ki, dəxi olandan sonra çarə nə: dəxi boğmaq ki, olmaz. Sonra qız uşağı özbaşına başlayır böyüməyə. İki yaşa çatır, üç yaşa çatır, beş yaşa çatır və axırda gəlib çatır səkkiz yaşa. Çünki hər bir yaranmış, hər bir canlı şey, hər bir heyvan gərək yavaş-yavaş böyüyə, qız uşağı da öz-özünə yekəlir. Hərçənd ki, heç kəs görmür ki, o yekəlir və heç kəsə lazım deyil onun yekəlməyi, amma qız yavaş-yavaş yekəlir. Elə ki, qız uşağı səkkiz yaşına çatır, bir gün görür ki, evlərinə üç nəfər arvad xəlayiqi gəldi. Arvadlar bir qədər qızın anası ilə danışıb gedirlər. Qız anasından soruşur: bu arvadlar niyə gəlmişdilər? Anası cavab verir ki, “o sənə borc deyil”. Axşam olur, qızın atası gəlir evə. Qızın anası əri ilə xəlvətcə bir neçə söz danışandan sonra qızı çağırırlar və deyirlər: a qız, sən indi yekəlib ağıllı-başlı qız olubsan, get ayaqlarını yu təmiz olsun və çadrasız küçəyə çıxma və hər kəs səni bundan sonra danışdırsa danışma. Çünki indi dəxi ayıbdı, maşallah sən ağıllı-başlı yekə qız olubsan. Sabahkı günü haman üç nəfər arvad genə gəlirlər və bir az keçib qoyub gedirlər. Genə qız anasından soruşur ki, bu arvadlar genə nədən ötrü gəlmişdilər? Genə anası cavab verir ki, “sənə borc deyil”. Bir neçə gündən sonra qız baxıb görür ki, deyəsən işlər indi özgə işə oxşayır. Gələn, gedən, girən, çıxan, qonaq, çay, şirni, qənd, molla, qışqırıq, flan və flan. Qız genə anasından soruşur ki, “bu nə qışqırıqdı?” Anası genə cavab verir ki, “sənə borc deyil”. Axırda qohum-qardaşlardan bir-iki arvad xəlayiqi yığışır, qızı zornan tutub uzadırlar yerə, qaşlarının tüklərindən bir neçəsini qopardırlar, qaşlarına və gözlərinə bir az qara mürəkkəb sürtürlər, yanaqlarına bir az gülnar qırmızısı yaxırlar, alnına və üzünə bir az gəc sürtürlər, başının tüklərindən bir az kəsib tel qayırırlar, sonra qızı durğuzurlar ayağa, çıxardırlar küçəyə, qabağına bir ayna tuturlar və başlayırlar mizləməyi. Qız ağlayır, gözlərinin yaşını tökür, haray-dad eləyir ki, “axı məni hara aparırsınız?”. Arvadlar genə qıza deyirlər: “Çox danışma, atan gəlib qulaqlarını kəsər”. Yəni səkkiz yaşında qızı öz evindən zor ilə, çəkə-çəkə, mizləyəmizləyə, qorxuda-qorxuda aparıb qatırlar bir özgə kişinin evinə və sonra qayıdıb gəlirlər. Qız ağlaya-ağlaya qalır özgə kişinin evində və nə qədər yalvarır ki, “ana, sən Allah sən getmə burdan, barı sən də qal mənim yanımda “. Amma heç kəs qıza qulaq vermir. Çünki qız uşağı evdə bir şey deyil, başdan olmağı hamıdan məsləhətdir. Sonra qızın qohum-qardaşları qayıdıb gələndən sonra bir zorba kişi gəlir qızın yanına. Murdar və kafir urusların içində bir belə qayda var: hər kəs bir balaca qıza və yainki yekə qıza zor eləsə, haman adamı tutub göndərirlər on iki il Sibirdə katorqa çəkir. Amma biz pakizə müsəlmanların da içində belə qayda var: bir kişi balaca qıza zor eləsə, biz haman kişini küçədə görəndə deyirik: “Allah mübarək eləsin”. Bunlar hamısı necə olur-olsun, amma qız uşağının evdən tez rədd olmağı çox məsləhətdir. Ondan ötrü ki, evdə qız uşağı bir şey deyil. “Molla Nəsrəddin”, 8 iyul 1907, №25 * * * Papaq 73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar. “Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı. Əgər izn olsa, bu barədə bir az danışarıq. * * * Doğrudur, yer üzündə papağın şöhrəti çoxdur, rus qızlarının içində də çoxdur, xam rusların içində də çoxdur. Frəngistanda da papağın şöhrəti var; amma o dərəcədə ki, Sibir vilayəti və Saxalin cəzirəsində bizim papağımız şöhrət qazanıb, heç bir millətin şapkası o şöhrəti qazanmayıb, qazanmayacaq və hünəri də deyil qazansın. * * * Rus qızı papaqlı müsəlmanla ondan ötrü gəzmək istəmir ki, biçarə qız bunu yəqin bilir ki, əgər papaqlı müsəlman bağda adamların içində gəzə-gəzə qıza birdən-birə deyə ki, “mən ölüm qoy üzündən öpüm” və əgər qız buna razı olmaya, papaqlı müsəlman xəncəri çıxardıb istəyəcək soxsun qızın qarnına. Bu səbəbə rus qızı papaqlı müsəlmandan qaçır. * * * Gör işlər nə yerə çatıb ki, Allahın xam rusları da papaqdan qaçırlar. Yazıqlar nə eləsinlər ki, gözləri qorxub. Hər yanda ki, bir rus papaqlı müsəlmana rast gəlib, rus qabaqca şapkasını çıxardıb papaqlı qardaşımıza deyib: “Zdrasti”. Amma bunun cavabında papaqlı müsəlman rusu bu cür başlayıb söyməyə: “Donquz oğlu donquz! Necə iyrənmirsən ki, donquz əti yeyirsən?” Rus bir az baxıb və sonra deyib ki, “sənə bunun nədir zərəri?” Papaqlı qardaşımız əlini uzadıb qəməsinə ki, çıxardıb soxsun xam rusun qarnına. * * * Papağın şöhrəti yer üzündə çox artıqdır. Dünya xəlq olunandan indiyədək ağzından südün qoxusu kəsilməmiş yeddi-səkkiz yaşında qız uşaqlarımızı çığırda-çığırda götürüb qaçanlar, çığırda-çığırda mollanın yanına aparanlar, mollanın yanından çığırda-çığırda öz evinə sürüyənlər, çığırda-çığırda özünə övrət edənlər və on yeddi gün həmin qızı çığırda-çığırda evində boğanlar kim olublar? Cənab “Təzə həyat”, buyur görək kim olublar? Haman papaqlı qardaşlarımız olublar. Amma dünya xəlq olunandan şapkalı millətlər içində belə işlər baş verməyib, verməyəcək və verə bilməz! * * * Hələ bunlar bir saatlığa qalsın kənara. Kimdirlər bizim balaca uşaqların dalına düşənlər, bunların dərdindən ölənlər, bunların yolunda öz evlərindəki kəbinli övrətlərini gecələr evlərdə kişisiz qoyanlar, məktəb uşaqlarımızın Bakı küçələrində yollarını kəsənlər və bu tövr eşqbazlıqlar üstündə bir-birinin qanını tökən cavanlar? Həmin papaqlı qardaşlarımız. * * * Məsələn, səfərdəsən, yol ilə gedirsən. Görürsən uzaqdan iki-üç atlı gəlir. Uzaqdan diqqət edirsən ki, görüm əgər bunların başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. Allah rast salır ki, atlıların başında papaq olmur; məsələn, görürsən ki, şapkalı rus saldatlarıdır, yainki üç nəfər şlyapalı ruslardır ki, ovdan qayıdırlar. Elə ki, uzaqdan papaq əvəzinə şapka görürsən, ürəyin sakit olur. * * * Bəs belədir cənab “Təzə həyat”! Əgər ürəyin sıxılmaq istəyir, ona sıxılmasın ki, xanım ruslar və rus qızları bizim papağı bəyənmirlər. Əgər ürəyin sıxılmaq istəyir, qoy buna sıxılsın ki, nə səbəbə özgə millətlərin şapkaları o şöhrəti qazanmayıblar ki, nə qədər bizim papaqlar qazanıblar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 iyul 1907, №26 * * * Bizim işlərimiz Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə. Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”. Amma mən özgə cür deyirəm: “Mən sözümü o kəslərə yazıram ki, qulaqları var”. Keçək sözümüzə. Müsəllaya çıxanların duası heç bir yanda dərəceyi-qəbulə yetişməyib və heç bir yerdə yağış yağmayıb. Keçən vaxtlarda da çox ittifaq düşüb ki, yay çox isti olub, çox quraqlıq keçib və müsəlman camaatı neçə dəfələrlə müsəllaya çıxıblar. Mən özüm bu işləri neçə-neçə dəfələr görmüşəm və eşitmişəm; özüm neçə-neçə dəfə həmin müsəllaya çıxanlara tamaşa eləmişəm. Amma tək bircə dəfə də olmayıb ki, müsəllaya çıxanlara Allahın rəhmi gəlsin və onlara yağış göndərsin. Nədir bəs bunun səbəbi? Bu mətləbə təfsil vermək lazımdır. * * * Mirzə Melkum xan deyir: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”. Mən də deyirəm: “Mən sözümü o kəslərə yazıram ki, qulaqları var”. Keçək sözümüzə. Müsəllaya çıxmaq, camaat namazı qılmaq və Allah-taala yolunda hər növ dua və səna zikr etmək – bunlar hamısı ibadətdir və insanın vəzifəsidir. Bu vəzifənin müqabilində və bu ibadətin əvəzində pərvərdigari-aləm bəndələrə heç bir şey borclu deyil versin və göndərsin. Allah-taala bizi yox yerdən xəlq edib və bizim borcumuzdur Allaha ibadət etmək. Vəssəlam! Və lakin bu ibadətin, bu camaat namazının və müsəlmanın əvəzində Allah-taaladan yağış istəməyə bircə tikə haqqımız yoxdur. Amma gör biz neyləyirik: biz Allaha deyirik ki, “biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə”. Yəni biz istəyirik ibadətimizi Allaha sataq və əvəzində yağış alaq; yəni əkinlərimizdən ötrü su alaq. Dəxi bu ibadət olmadı; bu oldu alış-veriş! Yoxsa əgər biz düz adam olsaq, nə səbəbə biz dara düşəndə və ehtiyac məqamında Allahı yada salırıq? Məsələn, Ağdamda müsəllaya çıxanların içində bir neçə nəfər hindarxlı da var idi. Həyə bunlar bu dərəcədə Allah bəndəsidirlər, bəs nə səbəbə o böyüklükdə Hindarx kəndində bir məscid yoxdur ki, müsəlmanlar gedib orada yomiyyə namazını qılsınlar? Məgər Allah-taala bu işləri görmür və bilmir? Bu əvvəlinci səbəb ki, müsəllaya çıxanların duası qəbul olunmur və yağış yağmır. İkinci səbəb də budur ki, Allah-taala bunu çox yaxşı bilir ki, əgər müsəlmanlara rəhmi gəlsə və onlara yağış göndərsə, söz yox ki, pambıqlar su içib tələf olmayacaqlar və başlayacaqlar göyərib ucalmağa; amma söz burasındadır ki, axırda heç bir müsəlman öz pambığını özü yığmayacaq; Kərbəlayı Heydərin pambığını Kərbəlayı Xəlil yığacaq, Kərbəlayı Xəlilin pambığını Kərbəlayı Heydər yığacaq. Bu ikinci səbəb. Bu işlərin üçüncü səbəbi də budur ki, hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, Arazdan və Kürdən su gətirsin, kəhriz vurdursun; demək ki, yay əkinləri üçün su tədarükündə olsun. İbadətin yağışa dəxli yoxdur. Müsəlmanın borcudur ibadət etmək, yağışın da borcudur yağmaq; amma yağış yağmağın da bir vaxtı var. Dua eləməklə nə yayda yağış yağar, nə qışda dolu yağar. Hər ilin dörd fəsli var və hər fəslin öz təqazası var. Baharda çox yağış yağar, qışda qar yağar, yayda da isti yağar. On yeddi min mömin müsəlman qışda bir yerə yığışıb on yeddi min gecə və gündüz dua eləsə, qışda dolu yağmaz. Özgə millətlər ibadət vaxtında gedirlər ibadətə və əkinləri susuz qalanda zəhmətlər çəkib, sümük sındırıb və tədbirlər töküb, ağla gəlməyən yerlərdən su çıxardıb, əkinlərini suvarırlar. Amma bizlər? Bizlər Arazın və Kürün vücudu ilə yayda susuz qalırıq və həmişə Avropa səyyahları bizim vilayətə gəlib, bu işləri görəndə deyirlər: “biçarə müsəlmanlar!” Bizlər məscidlərin qapılarını oğurlayıb yandırırıq, amma Kürü, Arazı və yerin altındakı suları qoyub gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. Belə olmaz! Bu da üçüncü səbəb. * * * Bircə sözüm qaldı: Ağdamda müsəllaya çıxanlardan iki nəfər kəndli istinin şiddətindən azarlayıb və vəfat edib. Mirzə Melkum xan yazır: “Mən sözümü o kəslərə deyirəm ki, adamdırlar”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 iyul 1907, №27 * * * Təbriz işləri İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi. Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına. Hələ bunlar ilə də işimiz yoxdur. Allah kömək elədi ki, axırda ağsaqqallar və əncümən üzvləri bir yerə yığışıb bu dəstələrin arasına sülh verdilər. İndi həmd olsun Allaha, sakitlikdir: indi dəstələrin hamısı hər gün bir məhəlləyə yığışıb on yeddi yük qəndi salırlar suyun içinə, qəndab olur, içirlər. Amma çünki qəndi artıq salırlar, qəndabı içəndə camaat bir-birini itələyir ki, özü soxulsun qabağa və bir-birini itələməkdən savayı hələ bir-birinə çirkin sözlər də deyirlər. Məsələn, biri deyir: “Çəkil o tərəfə, keçəl oğlu keçəl”, o da buna cavab verir: “Ağzını təmiz saxla, həpənd oğlu həpənd”. Yəni bunların da bir o qədər eybi yoxdur, kaş sakitlik olsun. Bunlar keçəndən sonra, hələ bilmirəm ki, bu məşrutə nətir? (Mabədi-zadı yoxdu) Qızdırmalı “Molla Nəsrəddin”, 24 iyul 1907, №27 * * * Cəfərin anası Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”. Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir. Dedim: “ay arvad səni and verirəm Şəkidə Şeyx Babanın qəbrinə, gəl dalımı ayaqla”. Ayıb olmasın, Cəfərin anası genə mırtdana-mırtdana gəldi, istər-istəməz çıxdı dalıma və başladı kürəklərimi ayaqlamağa. Bir az keçmədi, ayıb olmasın, arvad məndən soruşdu: “A kişi, canın yansın, sən ki, Şəkini görməmisən, sən Şeyx Babanın qəbrini haradan tanıyırsan?”. Dedim: “Görməyəndə nə olar? Axır mən kitab oxuyuram, mən qəzet oxuyuram, mən axır mollayam”. Ayıb olmasın, Cəfərin anası dalımı ayaqlaya-ayaqlaya genə məndən soruşdu: “Di elədə nağıl elə görək, daha dünyada nə var, nə yox? Dedim: “Şəkidə “Babaratma piri” də var”. “Sən Allah, a kişi, bir az da özgə şəhərlərdən nağıl elə. Nə yapışmısan Şəkinin yaxasından?” Dedim: “Peterburqda övrətlər ərizə verib darülfünuna girmək istəyirlər və hökumət də övrətlərin ərizəsini qəbul eləyib”. Burada biçarə arvad deyəsən elə müsəlman ülkən kimi oldu və guya ki, qorxa-qoxa, yainki hirsli-hirsli məndən soruşdu: “Nəmənə? Nəmənə?”. Gördüm ki, mən indi dediyim sözlər, ayıb olmasın, bu arvadın xörəyi deyil və onun üçün başa düşmədi. Doğrusu yazığım gəldi, ayıb olmasın, Cəfərin anasına və istədim təzə xəbərlərdən zaddan bir şey nağıl eləyim eşitsin. Dedim: Şuşa qalasını tanıyırsan? Dedi: Getməmişəm, amma eşitmişəm. Dedim: Yazıq arvad, istəyirəm oranın qoca vaizlərini sənə tərif eləyim, amma qorxuram onlara aşiq olasan və məni burada naxoş qoyub çıxıb gedəsən. Dedi: Di elədə bir özgə şəhərdən söylə. Dedim: Tehran şəhərini eşidibsən? Dedi: Necə, necə? Dedim: Lənətüllah əla qövmüz-zalimin! Yazıq arvad genə deyəsən təəccübləndi və soruşdu: Kişi nə danışırsan? Dedim: Lənətulla əla Hacı Mirzə Həsən müctəhid Təbrizi, Seyid Əhməd Bəhbəhani, Seyid Məhəmməd və Seyid Əhməd Yəzdi və Ağa Seyid Əhməd pəsəri – Hacı Ağa Möhsün İraqi. Gördüm dəxi yazıq arvadın qulaqları lap taqqıldadı, necə ki, məsələn Təbrizdə adamın qulaqları dünbək səsindən taqqıldayır. Biçarə arvad mənim sözümü kəsib dedi: A kişi, sən Allah, sabah bazara çıxanda mənə altı arşın güllü çit al, nişanəsini sabah Pəricahan bacımdan alıb verərəm sənə, dünən Pəricahan bacım o çitdən özünə çarşov tikib geyib getmişdi. Pirəhmədli kəndində Molla Məhəmmədin yanına dua yazdırmağa. A kişi, bir görəsən necə çitdi, sən Allah sabah mənə o çitdən altı arşın al gətir. Dedim: Arvad, bilirsən nə var. Dedi: Nə var. Dedim: Ta mərd süxən nəgöftə başəd – Eybü hünərəş nə-höftə başəd. Ayıb olmasın, yazıq arvad çox hirsləndi və dedi: Kişi, sən dəli-divanə olubsan. Dedim: Arvad, qorxma, qızdırmışam, sərsəmliyəm. İnşallah sabah yaxşı olaram, dəxi belə axmaq sözlər danışmanam. Qızdırmalı “Molla Nəsrəddin”, 29 iyul 1907, №28 * * * Bakı dəryası Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur! Nə gözəlsən, ey Bakı dəryası! Nə qəşəngsən, ey Bakı dəryası! Heç bir vaxt olmayıb ki, sən yadıma düşəsən və mənim ürəyim qana dönməyə! Həmişə səni yadıma salanda, ürəyim tab eləmir, hövsələm daralır, övqatım təlx olur və dəli-divanə kimi düşürəm yola və Tiflisdən bir baş gəlirəm sənin tamaşana. Nə səfalısan, ey Bakı dəryası! Ey bivəfa Bakı dəryası, mən gəlirəm sənin ziyarətinə, amma mən bircə tikə səndə etina görmürəm: lodkaların bir yana üzür, paraxodların bir yana çapır, ləpələrin bir yana çırpır, amma məndən heç xəbərin olmur! Xəbərin olmur ki, məcnun kimi gəlib durmuşam astananda və sənə tamaşa edirəm. Ey bivəfa Bakı dəryası, heç xəbərin olmur ki, gəlib durmuşam “Qubernat” bağında və İran qəribləri kimi boynumu burub mat və heyran gözümü sənə dikib zövq və şövq ilə tamaşa edirəm! Ey Bakı dəryası, dəryaların padşahı Bakı dəryası, mən dururam “Qubernat” bağında sənə tamaşa eləyirəm. Amma məndən savayı da “Daş görpü”nün üstündə çox adam durur. Bunların çox əlli-altmış yaşında qırmızısaqqal və ağsaqqal kərbəlayı və hacılardır. Ey dəryaların seçilmişi Bakı dəryası, mən də “Qubernat” bağından tamaşa edirəm və həmin hacı-məşədilər də “Daş körpü”dən tamaşa edirlər. Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm, həmişə məşədi və hacılar da tamaşa edirlər. Amma tək mənəm sənə aşiq, ey Bakı dəryası, tək mən sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram. Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına dolanan! Xeyr, xeyr, hacı və məşədilər sənə tamaşa eləmirlər. Tək bircə mənəm sənə tamaşa edən, ey səfalı Bakı dəryası. Pəs nəyə tamaşa edirlər hacılar, kərbəlayılar və məşədilər? Dəryanın kənarında urus balaları çimir! Nə səfalısan, ey Bakı dəryası, nə gözəlsən ey dəryaların padşahı!... Dəli “Molla Nəsrəddin”, 29 iyul 1907, №28 * * * Cümə günləri Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar? Deyəsən bir az uzun oldu. Biz müsəlman tayfası bir söz danışanda heç istəmirik o sözün dalqabağını fikirləşək; məsələn, biz deyirik cümə günlərini tətil eləyək, dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq. Niyə, nə səbəbə? Yəni hər bir şeyin bir səbəbi var, ya yox? İrəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır; yəni o da gününə baxır; məsələn, elə gün olur ki, saat xoş olur, on beş alır, saat xoş olmayanda on manata da razı olur. Hələ bunda da işim yoxdu, özü bilər. Ancaq yenə bunu demək istəyirəm ki, axır niyə müsəlmanlar cümə günləri alış-veriş eləməsinlər? Niyə, nə səbəbə və nə cəhətə və nədən ötrü və nə cəhətin səbəbindən ötrü və nə səbəbin cəhətindən ötrü? Axır nə olub, nə haraydaddır? Bunları mənə heç qandıran yoxdu. Biz baxırıq özgə millətlərə, məsələn, üzdən iraq yəhudilərə, eyb olmasın, frənglərə, bilatəşbih ermənilərə, ruslara; biz deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləməyək? Maşallah söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu cür sözləri danışanın ağzından, ağzını yumsun qoysun getsin işinə. Əvvələn, budur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir hələ mən bunu istəyirəm biləm ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir burasını mənə deyən yoxdur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Nə səbəbə bu millətlərin heç birisi özünü bizə oxşatmır, oxşatmaz və nə qədər ki, dünya var – oxşatmayacaq? Di buyurunuz görüm! Axır bizim Nuxa qışlağında çaharşənbə ocaqlarımız var, bəs bu millətlərin nəyi var? Bununla belə yenə özümüzü istəyirik o millətlərə oxşadaq, istəyirik o millətlərdən dərs alaq, amma onların heç birisi özünü bizə oxşatmaq istəmir. Nədir bunun səbəbi? Axır nə səbəbə müsəlmanlar cümə günləri dükanlarını bağlasınlar? Bəli, biz deyirik ki, niyə bəs əcnəbilər bazar günləri bağlayırlar? Axı, ay qardaş, əcnəbilər həyə bağlayırlarsa da, gedirlər kimi kilsəyə ibadətə, kimi gedir qiraətxanaya, qəzet oxuyur, kimi gedir evinə, rahat olur və oğul-uşağı ilə vaxtını keçirib, həm özü dincəlir, həm əhli-əyalını xoşhal eləyir. Çox əcəb, belə olan surətdə dəxi müsəlmanlar nə səbəbə cümə günləri dükanlarını bağlasınlar və bağlasınlar, hara getsinlər və nəyə məşğul olsunlar? Di buyurun görək, nəyə məşğul olsunlar? Söz yox ki, əgər mümkün olsaydı, hər cümə günləri məsciddə çay vermək, yainki heç olmasa qəndab vermək, ya qəhvə vermək, yainki heç olmasa Allahın quru paprusuna nə gəlib, belə bu zəhirmar da yoxdur. Yoxdur da, yoxa ta nə deyəsən? Necə ki, deyiblər, bir dənə köhnə həsir, bir də Məhəmməd Nəsir, vəssəlam! Dəxi kim dəli olub məscidə getsin? Buradan istəyirəm bir haşiyə çıxam: alimi-fərzanə məşhur Abdulla Cövdət “Şurayi-Osmani” qəzetində bir neçə söz deyir. Amma burada nağıl eləsəm qorxuram mətləb uzana. “Şurayi-Osmani”ni oxuyanlar bilirlər ki, nə yazılıb; oxumayanlara da mən neyləyim, canları çıxaydı oxuyaydılar. * * * Yəni bizim yazıq dükançılar cümə günləri tutaq dükanlarını bağladılar, bəs nəyə məşğul olsunlar? Tutaq ki, bir saatlığa bağladılar, yaxşı bütün günü səhərdən axşama kimi nə qayıracaqlar? Hələ deyək getdilər evlərinə. Bəs evlərində nəyə məşğul olsunlar? Bir tərəfdən balaca uşaqların səsi-küyü adamın zəhləsin aparır. Bizlərdə də ki, ərlə övrət danışmaz. Bəlkə demirəm bozbaşın duzu az ola, çörək üstə bir az mərəkə düşə, yoxsa bundan savayı evdə kişi üçün nə məşğələ ola bilər? Qərəz, mən deyirəm ki, adam sözü danışanda lazımdır ki, dalını da, qabağını da fikirləşsin. Yaxşı, bir saatlığa tutaq ki, dükançılarımız cümə günü dükanlarını bağladılar. Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri və dükançıların balaca uşaqları nəyə məşğul olacaqlar? Yaxşı, nəyə məşğul olacaqlar? Mən, doğrusu, bilmirəm, siz buyurun görək nəyə məşğul olacaqlar? Di buyurun görək nəyə məşğul olacaqlar? Hələ bir saatlığa cavanlar qalsınlar kənarda, di buyurun görək, hacı və məşədilərimiz, seyidlərimiz və kərbəlayılarımız nəyə məşğul olacaqlar? Deyəsən, mən bilirəm nəyə məşğul olacaqlar. Bunlar da çömbələcəklər divarların dibində və başlayacaqlar şirin söhbəti. Biri deyəcək: “Dər sali bistü çəhar ruz nəhs əst ki hər mahi do ruz başəd; əgər kəsi bimar şəvəd bemirəd və əgər bəsəfər rəvəd bər nəgərdəd və əgər bəcəng rəvəd koştə şəvəd və əgər fərzənd mütəvəllüd şəvəd nəmanəd”. Heyif ki, farsca savadım yoxdur, yoxsa tərcümə elərdim. Mən bircə bunu təvəqqə edirəm ki, bundan sonra cümə söhbəti ortalığa gəlməsin: qorxuram içindən bir şey çıxmaya. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 iyul 1907, №28 * * * Qurbağalar İran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim: – Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya. Biçarə bir qədər mat-mat üzümə baxıb soruşdu: – Nə səbəbə? – Dedim: – Səbəbi budur ki, sən bu gün nitq söyləyən vaxt bir neçə söz danışdın, o sözlər bizim naxçıvanlılara xoş gəlməyəcək. Yazıq yenə mat-mat üzümə baxıb soruşdu: – Nə söz danışdım? – Dedim: – Sən nitq söyləyəndə buyurdun ki, “ey müsəlman qardaşlar, gözlərinizi açın, diqqətlə baxın, görün biz nəçiyik, özgə millətlər nəçidirlər? Biz harada qalmışıq, onlar harada qalıblar?” Və axırda bu cür dedin ki, “müsəlman qardaşlar, əl-ələ verin, elm oxuyun və adam olun”. Biçarə Mirzə Cəfər çox təəccüblü məndən soruşdu: – Xub, bu sözlərin naxçıvanlılara nə zərəri? – Dedim: – Bəradərim, heç ömründə qurbağa görübsən? – Dedi: – Görmüşəm. – Dedim: – Bir yaxşı mülahizə elə gör, qurbağalar necə adama oxşayırlar. – Dedi: – Bu sözlərin mətləbə nə dəxli var? – Dedim: – Naxçıvana gedəndə duyarsan. Bir qədər keçmədi ki, eşitdim Mirzə Cəfər gedib Naxçıvana. Özözümə dedim: “Bay, biçarə, evin yıxıldı”. Sonra da eşitdim ki, Naxçıvan müsəlmanları, yainki müsəlman naxçıvanlıları (çünki rəvayət müxtəlifdir: biri deyir Naxçıvan müsəlmanları, biri deyir müsəlman naxçıvanlıları) – bəli, eşitdim ki, Naxçıvan vilayətində yaşayan vücudları əziz müsəlman qardaşlar gedib hökumətə “şeytançılıq” eləyiblər ki, Mirzə Cəfər Tiflisdən gələndə cibinə bir nüsxə “Həblül-mətin” qoyub, gətirib Naxçıvana. Hökumət məmurları “şeytanlar”dan soruşublar ki, “Həblül-mətin” nədir və “ağa”lar cavab veriblər ki, “Həblül-mətin” bomba kağızıdır. Sonra da eşitdim ki, polis məmurları gəliblər Mirzə Cəfərin mənzilini axtarıb “Həblül-mətin” ruznaməsi nüsxəsini tapıb, bəratəlqol yazıblar və ruznaməni üç vərəq kağıza büküb, üstünə peçat basıblar və altı nəfər qaradovoyun köməkliyi ilə aparıb, naçalnikin divanxanasında həbs ediblər. Hər kəs bir dənə qurbağanı əlinə götürüb diqqətlə baxsa, görər ki, qurbağa həqiqətdə insana çox oxşayır. Dəli “Molla Nəsrəddin”, 5 avqust 1907, №29 * * * Bir boçka su Bakıda Çornı qorod fəhlələrinə Ağa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq-əskik sözlər yazırsınız… Əlbət bunları yaza-yaza siz elə xəyal eləyirmişsiniz ki, bu sözləri oxuyanlar sizin halınıza yanacaqlar və sizə yazıqları gələcək və sizin müdiriniz və sərkarınız sizə rəhm eləyəcək. Bir boçka su! Məgər bir boçka su əlli iki nəfər fəhləyə azdır? Nə səbəbə qənaət eləmirsiniz? Məgər gündə vaizlərdən eşitdiyiniz bu deyilmi ki, “qənaət kimyadır?” Məgər bir boçka su azdır? Bəs belə məlum olur ki, israf eləyirsiniz; yoxsa mən heç vaxt inana bilmərəm ki, bir boçka su əlli iki nəfər fəhləyə kifayət eləməyə. Lazımdır qənaət eləmək. Qənaət, qənaət! Bir boçka su zarafat deyil, bu şərtlə ki, ha bir ucdan töküb içməyəsiniz; yoxsa hərəniz əlinizə bir qab alasınız ki, “mənə su! mənə su!”, – dəxi burada, əlbət ki, bir boçka da görməz, iki boçka da görməz. Məsələn, götürək müsəlmanları bir boçka su hesab eləyək. Bir baxın görün nə qədər sizin kimi susuz adamlar tökülüblər həmin bir boçka suyun üstünə: yüz on üç milyon mərsiyəxan, bu qədər də vaiz, yetmiş iki milyon xan, bəy və zavodçu, qırx dörd milyon seyid, iki yüz milyon dərviş, üç yüz milyon dua yazan, rəmmal, fal açan, tas quran, göbək yazan, burun püfləyən, müsəlman həkimi, məktəb mollası, xeyrat qonaqları, şeyxlər (məsələn, Quba şeyxi), qərəz, dəxi də kimlər, dəxi də kimlər… Səkkiz yüz qırx dörd milyon barama qurdu tökülüblər bir boçka suyun üstünə, yəni müsəlman millətinin üstünə və heç biri şikayət eləmir ki, “su azdır”. Amma bir boçka su əlli iki nəfər fəhləni görmür. Yox bircə, inşallah, müdirinizə yazaram sizi qoyar dəmir yola, aparar Avropanın Karlsbad yaylaqlarına, orada sərin suları içib kökələrsiniz, inşallah, sizi göndərərlər Pyatiqorska, Dərəçiçəyə, Abastumana. Yoxsa belə şeylər xəyalınızdan keçir? Hələ utanmaz-utanmaz götürüb şikayət də yazırsınız və bizi rus hökumətinin nəzərində “biabır” eləyirsiniz. Mağıl indiyədək özümüzə güclə bir ad qazanmışdıq; mağıl indiyədək ədəblilikdə heç millət biz müsəlmanlar tək şöhrət tapmamışdı. Məhəmmədağa Şahtaxtlı buyuran kimi, siz də həyasız duma vəkillərimiz kimi istəyirsiniz adımızı batırasınız. Allah baisin evin yıxsın! Allah sizin də adınızı elə batırsın ki, dəxi heç məclisdə və adam içində hörmətiniz olmasın, Allah sizin yekə-yekə uca və ali imarətlərinizi başınıza uçurtsun, ey əlli iki nəfər fəhlə! Amin deyən dillər lal olmasın! Bunların hamısı keçəndən sonra gəlin mən sizə bir tapmaca deyim: həyə bildiniz nə səbəbə sizin başınıza bu qədər “it oyunu” gətirirlər? Həyə bildiniz? O səbəb ki, siz əlli iki nəfər fəhlə hamınız bisavadsınız. Lotu-lotuyana, düzünü deyin: belədir ya yox? Öz aramızdır, o şikayəti də “Təzə həyat”a özünüz yazmayıbsınız, özgəsinə yazdırıbsınız. Mən sizin hamınızı tanıyıram. Sizin içinizdə bircə Kərbəlayı Həsənqulu hıqqana-hıqqana adını yaza bilir; o da ki, maşallah, adını yazanda “Həsənqulu” əvəzinə “hədərən” çıxır. Amma bir şey də var: İndi, məsələn, tutaq ki, xudanəkərdə birdən uşaqlarınızı qoyasınız dərs oxuyalar (“Camei-Abbas” kitabını demirəm ha!); bəli, məsələn, uşaqlarınızı qoyasınız təzə açılan məktəblərdə paltarları gödək müəllimlərdən dərs alalar (amma burası yaxşı deyil ki, yerin altındakı öküzə şəkk gətirəcəklər); bəli, uşaqlarınız oxuyalar və sonra, tutaq ki, elə sizin kimi Çornı qorod fəhləsi olalar, – onda işlər xarab olacaq: onda əgər onlara bir boçka su gətirsələr və desələr ki, “canınız çıxsın, az için!” – onda haman sizin uşaqlarınız yapışacaqlar bir-birinin əlindən və səs-səsə verib, ucadan oxuyacaqlar: Ürfanımızla çəkdik rahi-nicatə məşəl, Vicdanımızdan aldıq fərmani-kirdikari. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 avqust 1907, №30 * * * Göz yaşları Ağdamdan bizə belə xəbər verirlər: Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər qızı zor ilə aparır evinə. Məktubda yazılan təfsilatı biz burada çap edə bilmədik, ondan ötrü ki, məcmuəmizi oxuyanların içində övrətlər və uşaqlar da var. Məktub sahibi həmin əhvalatı şahid gətirir: Abdamda hacı Miriş Mirbağırzadə cənablarını, Abdulla Hacı Tağı oğlunu və bir neçə dəxi qeyr şəxsləri. Bu barədə biz ancaq bunu deyə bilərik: Əvvəla, bir azarlının ölüm halı yavuqlaşanda onun canına hesabsız dərdlər ariz olur. Və saniyən: Mirzə Mülküm xan “Qanun” ruznaməsinin onuncu nömrəsində üzünü müsəlmanlara tutub deyir: “Əgər şüma adəm budid və əgər bəqədr zənhayi-sair milal hiss və qeyrət midaştid... əgər şüma in qədr şüur daştə başid ki, misli-sairin xudra adəm bedanid və mənayi-ittifaqa əqəllən bəqədri-bəzi heyvanat befəhmid, küdam zalimi-əhməq cürət xahəd kərd ki, bəhüquqi adamiyyəti –şüma dəst bezənənd?” Yəni “əgər sizlər adam olsaydınız və özgə millətlərin övrətləri qədərincə qeyrətiniz olsaydı... Əgər sizdə şüur olsaydı və əqəllən bəzi heyvanlartək ittifaqın mənasını bilsəydiniz, o vaxt hansı bir zalım cürət edə bilərdi ki, sizin insanlıq hüququnuza əl uzatsın?...”. Mirzə Mülküm xan oturub London şəhərində bizim halımıza ağlayır, amma biz səkkiz yaşında qızın nərəsini eşidib deyirik “mənə nə?”. Bizim halımıza Londonda göz yaşı tökürlər, amma biz gülürük. İmzasız “Molla Nəsrəddin”, 12 avqust 1907, №30 * * * Keçəllər Yer üzündə maşallah, üç yüz milyon müsəlman var. Hamısı da keçəldi. Bu bir sözdü ki, mən deyirəm və hər bir kəsin də ixtiyarı var, bu sözə nə cür istəyir baxsın. Bəzi adam deyə bilər ki, “bu nə bir əhəmiyyətli sözdü və bundan nə çıxsın?”. Amma elə bir kəs də tapılar ki, özgə cür deyər; deyər ki, “yox, bu sözün mənası var”. Hər kəs nə cür istəyir başa düşsün, amma bu saat məndən ötrü hər bir məsələdən vacib, hər bir politika işlərindən, “Koreya məsələsi”ndən, rus və Almaniya padşahlarının görüşməyindən, İran və Osmanlı sərhəddinin vüquatından, Qaaqanın sülh kanfransiyasından, İran və rus məşrutəsindən vacib və lazımlı məsələ “keçəllər” məsələsidir. Yer üzündə üç yüz milyon müsəlman var, maşallah, hamısı keçəldi. Deyəsən, başağrısı oldu. (Mabədi qalsın gələn nömrəyə) Cırcırama “Molla Nəsrəddin”, 12 avqust 1907, №30 * * * Qorxuram “İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!” Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyərdim: “qorxuram”. Məndən soruşardılar ki, “nədən qorxursan?” Mən dinməzdim. Sonra eşitdim ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda, Vladiqafqazda, Gəncədə qeyri şəhərlərdə “İrşad”a pul yığırlar. Bu xəbəri eşidəndə həmişə mən yanımda oturanlara deyərdim: “qorxuram”. Məndən soruşardılar ki, “nədən qorxursan?”. Mən diqnməzdim. Sonra bir övqat da “Təzə həyat”da müsəlmanlar başladılar “İrşad”ı tərifləməyə ki, məsələn, “İrşad” müsəlmanlara bu cür və bu cür xidmət edirdi. Yazdılar, yazdılar, amma mən genə yanımda oturanlara dedim ki, “qorxuram”. Həqiqət mən çox qorxurdum: qorxurdum ki, “İrşad”ın barəsində haray-dad eləyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, “İrşad”a pul verənlər cəmi var-yoxlarını verərlər “İrşad”a və özlərinə bir qəpik də saxlamayalar (ki mütrüb – zad oynadanda şabaş verərlər). Qorxurdum ki, qəzetlərdə o qədər “İrşad”ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qazetbazlığına mat və heyran qalalar. Vaqeən, mən çox qorxurdum. İndi bəs necə oldu? Dəli “Molla Nəsrəddin”, 12 avqust 1907, №30 * * * Xanımlara “Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir: Vətən övladının təmini-istiqbalı müşküldür. Xanım qızlar əgər meydanə çıxmazlarsa mərdanə! Yəni bizim dilə tərcümə eləsək, bu sözlərin mənası belə olur: Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. * * * Mən dünən bu sözləri oxuyan kimi, tez qaçıb getdim evə və, eyb olmasın, bizim Cəfərin anasına dedim: – Arvad, dur ayağa! Dur get meydana! Övrət baxdı üzümə, amma bir söz demədi; ancaq sağ əlinin barmaqlarını açdı, boğma çıxartdı. Mən yenə övrətə dedim: – Dur ayağa! Dur çıx meydana! Övrət dəxi üzümə də baxmadı. * * * Maşallah, yavaş-yavaş təzə sözlər eşidirik. İndi də “Füyuzat”ın şairləri başlayıblar ki, “xanımlar gərək mərdanə çıxalar meydana”. Belə görsənir ki, şairin fikri Qarabağ xanımlarına gedir; çünki Qarabağ xanımları meydana çıxsalar da və, belə tutaq ki, birdən bərk yel əssə də, bunlara bir şey olmaz; amma bəlkə Naxçıvan və Təbriz xanımları çıxdılar meydana və birdən bərk yel əsdi, – onda yer üzündə yaşayan yetmiş iki əcnəbi millətlərə nə cavab verərik? * * * Bir mətləb də var. Bunu cənab şair bizə bəyan eləsəydi, yaman olmazdı: xanımlar meydana çıxıb nə qayırsınlar? Axı bunu uşaq da bilir ki, meydan xanım yeri deyil; meydana pəhləvanlar çıxıb küştü tutarlar və qoca kişilər də dükanları bağlayıb səhərdən-axşama kimi oturub, ağızlarını açarlar göyə, tamaşa elərlər və burada da yuxu tutar, mürgülərlər. Bəs xanımlar meydana çıxıb nə qayırsınlar? Onda da hələ mərdanə!.. Hələ mərdanə nədir? * * * Axırda da şair farsca belə deyir: Gərək bəxş eyləsin fərzəndə madər nuri-irfani. Nasıl kim, bəxş edir xurşid pərtöv mahi-tabanə. Bunu da bizim dilə tərcümə eləyəndə belə məna verir: Necə ki, gün işığını aya bağışlayır, habelə ana gərək övladına kamal işığını bağışlasın. İnşallah bizim analar bağışlarlar! Yazıq şair qorxusundan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızı saqqallıları başa düşməsinlər və hay-küy salmasınlar. Amma nahaqdır; Ordubad camaatı, təmamən molladır. Mədrəsinin qabağında bazar çayına durub tamaşa eləyəndə, görürsən ki, elə hey çay baş-aşağa o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər… Bəlkə bu da ibadətdir?! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 avqust 1907, №31 * * * Bakının əlacı Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəb ki, hamı gözünü dikib Bakıya və o Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzür həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanların fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar. Bakı özü də yavaş-yavaş inşallah üz qoyub puça çıxmağa. Amma Bakı cəhənnəm – qeyri-şəhərləri də öz gününə salacaq. Bu işə bir çarə! Aman günüdür, bir çarə! Bakının əlacı bir neçə şeylə bağlıdır. Əvvəla lazımdır ki, Bakı bir az kasıblasın. Pulun çoxluğundan camaat bir az beistilahi –türk, məsələn, necə ki, müsəlman arasında deyərlər, “filankəs qudurub”. Doğrudan, Bakıda pulu saxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, “get filankəsi öldür”. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər gedim o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin. Bakını şişirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cəmi neft mədənləri köçürtmək, yarısını İrəvana və yarısını da Gəncəyə və mədənlərin mədaxilini vermək məktəblərin rəisinə ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (Yoxsa, vallah, acından ölərlər). İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçularını göndərmək, gedib düzülsünlər Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtsınlar. Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünki oranın havası çox sərindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəştə ki, gedib hacı Hümam cənablarını ziyarət etsinlər. Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazları göndərmək Naxçıvan mahalına, Nehrəm kəndinə, uşaqbazları göndərmək Varşava şəhərinə, arvadbazları göndərmək Xorasana, qumarbazları Nuxaya, çaxırbazları Salahlı kəndinə və mütrübbazları Peterburq şəhərinə. Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şəhər məktəblərini bağlamaq və müsəlman müəllimlərini göndərmək Firəngistana Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik. Altıncı əlacı budur ki, lazımdır İran hammalları bir yekə arx qazsınlar ki, mühit dəryası gəlib qarışsın Bakı dəryasına və su o qədər qalxsın ki, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar. Əgər bu saydığımız əlacların hamısı mümkün olsa, demək olar ki, Bakı düzələr. Yoxsa bundan savayı bir çarə bilmirik. Dəli “Molla Nəsrəddin”, 20 avqust 1907, №31 * * * Vəkil Müsəlman içində bir söz var, deyərlər ki, “Kor atın da kor nalbəndi olar”. Hələ bu qalsın kənarda. “Rossiya” qəzetinin 538-ci nömrəsindən belə məlum olur ki, Məmməd ağa Şahtaxtinski gəncəlilərdən bir az narazıdır. Hələ bu da qalsın kənarda. Məmməd ağa Şahtaxtinski Şeyx Fəzlüllahın başına and içinr ki, Rusiya hökuməti biz müsəlmanları özgə millətlərin hamısından çox istəyir. Hələ bu da qalsın kənarda. Amma gəncəlilərə bircə söz demək istəyirəm. İstəyirəm deyəm ki, Məmməd ağa Şahtaxtinskidən inciməsinlər. Və buna üç səbəb var: Əvvəlinci səbəb budur ki, Məmməd ağa gəncəlilərin vəkili deyil idi, İrəvan quberniyasında yaşayan müsəlman camaatının vəkili idi. Məmməd ağanı gəncəlilər seçməyiblər, İrəvan və naxçıvanlılar seçiblər, belə olanda nə gəncəlilərin haqqı var Məhəmməd ağadan inciməyə, nə bakılıların və nə də qeyri müsəlmanların. Həyə Gəncədə Məmməd ağanı istəməyən altmış adam tapılsa mən sənə İrəvandan altmış min xan taparam, Naxçıvanda altmış min bəy taparam, Danabaş kəndindən altmış min kərbəlayı və Uzunobadan altmış min hacı taparam ki, Məhəmməd ağadan yerdən göyə kimi razı olsunlar. Bu əvvəlinci səbəb. İkinci səbəb də budur, bu işlərin heç birinə təəccüb eləmək lazım deyil, ondan ötrü ki, “Kor atın da nalbəndi olar”. Bu ikinci səbəb. Üçüncü səbəb də budur ki, Allah taala hər adamı bir cür yaradıb və dünyada bu qədər məxluqatın içində iki adam tapa bilməzsən ki, birbirinə oxşasınlar. Bir tərəfdən görürsən ki, Tehranda vəziri-daxilənin təhriki ilə Seyid Məhəmməd-taği camaatı innadırır ki, qanuni-əsasi lazım deyil, bir tərəfdən Məmməd ağa Şahtaxtinski bizi istəyir inandıra ki, bəlkə padşahlıq duma heç müsəlmanlara lazım deyil. Amma bir tərəfdən də qanuni-əsasi və padşahlıq duma üstündə hədsiz qanlar tökülür. Müxtəsər ki, heç kəs heç kəsə oxşamır. Nə Gəncənin məktəbdarları Peterburqun məktəbdarlarına oxşayır, nə Səlyanın arabaçıları özgə millətlərin arabaçılarına oxşayır, amma bunların hamısı ilə bərabər hərdənbir “Əcayibül-məxluqat” kitabını qürbətdə açıb baxanda cəmi qohum-qardaşlarımı, dost-aşnalarımı və həmşəhrlilərimi və həmvətənlərimi o kitabda görürəm. Və həmişə görəndə çox sevinirəm və öz-özümə deyirəm: “Buy, Allaha şükür, deyəsən elə lap öz vilayətimizdi”. Dəli “Molla Nəsrəddin”, 17 sentyabr 1907, №35 * * * Cuhudun məktubu Bakıdan idarəmizə yəhudi dilində bir belə məktub gəlib: Cənab Molla Nəsrəddin! Dünən mən getmişdim müsəlman bazarına ev üçün bir-iki yemiş alam. Getdim durdum bir qoca dükançının dükanının qabağında və yemişin qiymətini soruşdum. Dükançı yemişləri tərəziyə qoyub çəkməkdə idi. Gördüm bir müsəlman bir özgə müsəlmana deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. Dükançı yemişləri qoydu qabağıma və mən də istədim yemişlərin pulunu verəm – genə gördüm bir müsəlman deyir: “Adə, Həsən dadaş, cuhuddu, ha!”. İstəyirdim yemişləri vuram qoltuğuma və gedəm, bu heyndə naqafil daldan bir müsəlman yavıqlaşıb başımdan bir qapaz ilişdirdi, elə bərk ilişdirdi ki, şapqam girdi gözümə. Lazım bildim bu əhvalatı yazıb Molla Nəsrəddin idarəsinə xəbər verim. Bir nəfər yəhudi Şməvol. İdarədən: xudavəndi-aləm öz bəndələrinə çox nemətlər göndərib və bu nemətlərin hamıdan qiymətlisi insanın diriliyi və sağlığıdır. Zəmanəmizin indiki qarışıqlığında insan nə qədər ki, sağ və səlamətdir, gərək hər saat və hər dəqiqə minlərcə şükr eləsin. Yəhudi Şməvol də gərək min dəfə şükr eləsin ki, tək və tənha, yoldaşsız və köməksiz, tüfəng və tapançasız Bakının müsəlman bazarına girib sağ-salamət qurtarıb gedib evinə. Bu özü də insan üçün bir böyük xoşbəxtlikdir. Yəhudi Şməvol bu mətləbi bilmərrə nəzərə almır və ancaq bir dənə qapazdan ötrü utanmaz-utanmaz götürüb idarəmizə kağız göndərib. Amma bircə şeyi yadından çıxardıb ki, Bakı bazarından bir dənə qapaz ilə qurtarıb qaçmağın özü bir böyük xoşbəxtlikdir. “Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36 * * * İsbati-həqq Cənab Molla Nəsrəddin. Hərçənd böyüklərə “bilmirsən” demək biədəblikdir, amma mən deyəcəyəm ki, sən heç zad bilmirsən, dünyada heç zad qanmamısan, heç ruhun yoxdur, heç ağzının ləzzətini bilməmisən. A kişi! O nədi hər nömrədə götürüb bəzi müsəlman şəhərlərinin arvadlarının tumanının gödəkliyin gah yazırsan, gah şəklin çəkirsən. Guya onları bəyənmirsən da? Guya istəyirsən ki, onlar da özgə millətlərin arvadları kimi uzun libas geysinlər da? İndi mən səndən bircə söz soruşacağam. Arvadlar uzun libas geyəndə nəyə oxşayırlar? Əlbəttə, deyəcəksən ki, arvada. Belə deyilmi? İndi sən də məndən soruş ki, qısa libas, topçu libası kimi libas geyəndə nəyə oxşayırlar? Onda mən və ümum İran əhli və hətta Naxçıvan və sair bəzi Qafqaz şəhərlərinin əhli ağız-ağıza verib sənə cavab verərik ki, oğlana. On dörd-on beş yaşında oğlana. İndi, a biçarə, başa düşdün? İndi bildin ki, sən dünyada heç ləzzət bilməmisən? Di get, bundan sonra bilmədiyin şeyə qarışma. Qızdırmalı “Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36 * * * Cəfəngiyat Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək. Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik. “Vəqt” qəzeti yazır ki, avqustun 22-də Həştərxanda iki minə qədər müsəlman bir yerə cəm olub, vəbanı toxtatmaq qəsdilə 43 qoyun qurban kəsiblər. “Füyuzat” da möhtərəm şairimiz M.Hadi cənabları yazır ki, Şirvanda Qobıstan “Şıx babası” kimi lotular (yainki hamısı birdi, Həmid paşalar) Allahlıq iddiası edirlər. “Həblül-mətin” yazır ki, Frəngistanda birisi ki, istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə. Axırda imtahan tuta və şəhadətnamə ala. Amma İranda birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir və hamını cahil, amma özünü nadiri-dəhr hesab eləyir. “Dər frəng ta fizik və şimi və təşrih və botanik və fizioloji və… ra nəxandə və dər məhkəmeyi-ətibba çəndin sal təcarüb nəkərdə başəd enani-bimarani-natəvanra bekəfi-ixtiyari-kəsi nəmisüparənd. Lakin dər İran yek əmmameyi-tirmə və yek lulə və qələmdan və təsbih dəlili danistəni-tibbi-qədim və do kəlmə fransəvi bürhani-xandənitibbi-cədid əst və ümumi-mərəzi tüyuli-həzərati işan”. Bu işlərin hamısını görəndə Ziya paşanın sözləri adamın yadına düşür: Vabəstədir xəyalına əfalı hər kəsin. Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqə edirik bizə cavab versinlər görək, aya mümkündürmü vəbanı dayandırmaq üçün 43 qoyun kəsən bir millətə, bir cahil lotunu özünə, haşa, Allah bilən bir camaata həmişə dumadan və siyasətdən bəhs etmək? Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz; o səbəbə ki, ikinci birincilərə tabedir; ondan ötəri ki, “vabəstədir xəyalına əf alı hər kəsin”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36 * * * Uşaqbazlıq Mən demirəm ki, uşaqbazlıq pis şeydir və heç kəs demir ki, uşaqbazlıq pis şeydir. Mən heç müsəlmandan eşitməmişəm ki, uşaqbazlıq pis şeydir və heç bir vaiz indiyədək deməyibdi ki, uşaqbazlıq pis şeydir. Və çünki indiyədək heç kəs deməyibdir ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm, deyim ki, uşaqbazlıq pis şeydir. Dünyada çox şey var ki, bəndə bilmir, amma Allah-taala hər bir şeyi bilir. Mən çox da deyirəm ki, firəng milləti ingilis millətindən yaxşıdır, yainki yapon milləti ermənidən yaxşıdır, yainki rus milləti yapon millətindən yaxşıdır, yainki müsəlman millətləri qeyr millətlərin hamısından yaxşıdır, bunları hərə bir cür başa düşür, amma heç kəs bu işləri necə ki lazımdır bilmir, çünki heç kəs bu millətləri görməyib və biz özümüz bu barədə bir şey deyə bilmirik, çünki müsəlmandan savayı bir özgə millət görməmişik və görmək də çətindir, çünki millətlərin hərəsi dünyanın bir guşəsindədir. Biz ancaq müsəlman millətlərini tanıyırıq və bundan savayı bir şey görmürük. Amma xudavəndi-aləm yuxarıdan aşağı baxanda millətlərin hamısını əl içi kimi görür və çünki görür, əlbət ki, yaxşı da tanıyır. Və xudavəndi-aləm görür ki, cəmi millətlərin heç birinin içində uşaqbazlıq adət deyil, savayı biz müsəlman millətindən. “Təzə həyat”ın 117-ci nömrəsində oxuduq ki, Bakıda bir neçə müsəlman lotusu bir nəfər məktəb uşağını zor ilə basıblar faytona və istəyiblər götürüb qaçsınlar, necə ki, qız uşağını müsəlmanlar götürüb qaçırlar. Yer üzündə deyirlər, çox millətlər var. Amma biz onları görməmişik, çünki bizdən uzaqdırlar, bəlkə elə doğrudan onların içində də belə işlər baş verir. Amma yuxarıda bir Allah var ki, millətlərin hamısını görür və tanıyır. Xudavəndi-aləm görür ki, millətlərin heç birinin içində uşaqbazlıq adət deyil, savayı müsəlman millətindən. * * * Nədir bunun səbəbi? Məgər müsəlman içində arvad azdır ki, müsəlmanlar evlənmək istəyəndə arvad tapa bilməyib gedib oğlan uşağı alırlar. Söz yox ki, belə deyil, çünki biz görürük qeyr millətlərin kişiləri bir arvad tapıb alanda bizim kişilər dördünü alırlar və hələ dördünə qane olmayıb hərdənbir məşğuliyyət üçün bir-iki saatlığa siğə də eləyirlər. Bu işlərin səbəbini biz bilmirik, amma ucada olan tək Allah söz yox ki, bunun səbəbini bilir və gündə min dəfə üzünü müsəlmanlara tutub yuxarıdan aşağa deyir: – Vay, mənim binamus bəndələrim! * * * Pəs buna nə çarə edək? Dünyada heç bir zad yoxdur ki, onun çarəsi olmasın. Pəs bu uşaqbazlığa nə çarə edək? Mənim qandığıma görə bunun iki çarəsi var. Məsələn, bir bağın kənarından gedəndə görürük ki, bağda növ-növ ləzzətli və yeməli meyvələr var. Adam bu meyvələri görəndə tamahı düşür və istəyir ki, əlini uzadıb dərsin və yesin. Amma bağın hasarı uca olanda meyvələr görsənmirlər və adamın gözü meyvələrə sataşmır və tamahı düşmür. Biz gülüzlü oğlan uşaqlarımızı ötürürük küçəyə ki, məsələn getsin ya məktəbə, ya bazara, yainki qohum-qardaşımızın evinə. Müsəlman kişiləri də oğlan uşaqlarımızı görüb əvvəl xoşlanırlar, tamahlanırlar və axırda başlayırlar uşaqlarımızı kişmiş-noxud ilə tovlamağa. Hələ bəzi kişilərimiz dinməz-söyləməz gülüzlü uşaqlarımızı zornan tutub basır faytona ki, götürüb qaçsın, necə ki, Bakıda eləyirlər. Aşkar şeydir ki, əgər bizim müsəlman kişilərimiz küçələrdə göyçək uşaqlarımızı görməsələr, nə tamahları düşər, nə də fikirlərinə bir şey gələr. Bunun çarəsi budur ki, biz bundan sonra oğlan uşaqlarımızı 25 yaşına kimi qoymayaq evdən küçəyə çıxsınlar. Və əgər bir vacib iş olsa və əgər lazım olsa ki, oğlan uşaqlarımız evdən küçəyə çıxsınlar və bir yana getsinlər, lazımdır ki, oğlan uşaqlarımızın başına çadra kimi, ya dəsmal kimi bir şey örtək ki, küçədə gedən vaxt müsəlman kişiləri bunların üzlərini görməsinlər və bilməsinlər ki, bunların hansı göyçəkdir və hansı çirkindir. Bunun ikinci çarəsi də budur ki, oğlan uşaqlarımız yeddi-səkkiz yaşa çatan kimi bunları göndərək Amerika, yainki Yaponiya, Avstraliya, Firəngistan, yainki Rusiya, Ləmsə, İtaliya – xülasə, göndərək elə bir məmləkətə ki, orada müsəlman kişisi olmasın və uşaqlarımız oralarda qalıb iyirmi beş yaşa çatandan sonra gətirək öz gözəl vətənimizə, gözəl vilayətimizə. Bu iki çarədən başqa mən dəxi bir çarə bilmirəm. “Molla Nəsrəddin”, 2 oktyabr 1907, №37 * * * Lay-lay Əvvəla cənab Hop-hopdan çox təvəqqə edirik ki, biz təbrizlilərə və bizim hürriyyətə sataşmasın. Lay-lay hürriyyət! Yəni necə “lay-lay hürriyyət?!” Hop-hop bizim hürriyyətə deyir “lay-lay hürriyyət”. Yəni Hop-hopun sözündən bu çıxır ki, bizim hürriyyət, Allah eləməmiş, guya yatıb, yainki istəyir yatsın, yainki yatacaq. “Lay-lay hürriyyət!” Hop-hopdan çox təvəqqə edirik ki, bizim hürriyyətə sataşmasın! Doğrudur, indiyə kimi bizim hürriyyət yatmışdı, amma indi hophoplar da qoymayacaqlar ki, pişiyim, pişiyim ilə bir tövrnən bu yazıq hürriyyəti yuxudan oyadaq. “Lay-lay hürriyyət?” Yəni Hop-hopun sözündən bu çıxır ki, bizim hürriyyətə lay-lay deyir ki, genə hürriyyətimiz yatsın. Məgər dəxi bəs deyil. Min ildən artıqdır ki, bizim hürriyyətimiz yuxuda idi. Məgər min il bəs deyil. Yəni nə eybi var ki, hürriyyətmiz min ildir yuxuda idi?? Bəlkə elə məsləhət belə imiş. Söz yox ki, məsləhət belə imiş. Məlumdur ki, məsləhət belə imiş. Əlbət ki, məsləhət belə imiş. Çünki əgər məsləhət belə olmasaydı, niyə bəs bu min ilin müddətində bizim müctəhidlərimiz bircə dəfə də demirdilər ki, hürriyyət yaxşı şeydir. “Lay-lay hürriyyət!!” Min ildir bizim üləma, füzəla, füzəla və üləmamız deyirlər “Laylay hürriyyət!” Həqiqət, əgər hürriyyətin oyanmağı indiyə kimi lazım olsaydı, yəni əgər hürriyyət yaxşı şey olsaydı, niyə bəs indiyə kimi min-min məzlumun dadü fəryadı müctəhidlərin nəzərində ola-ola ağalar bircə dəfə də yazmırdılar və demirdilər ki, hürriyyət lazımdır. “Lay-lay hürriyyət!” Cənab Hop-hopdan çox artıq təvəqqe edirik ki, bizim hürriyyətə sataşmasın. Məgər min illərin müddətində İranın həbsxanalarında çürüyən günahsız məzlumları bizim müctəhidlər görmürdülər?! Məgər xanlarımızın, mülkədarlarımızın, vəzirlərimizin, hətta fərraşlarımızın yumruğunun altında zıqqıldayan biçarə rəiyyətin sədasını müctəhidlərimiz eşitmirdilər? “Lay-lay hürriyyət!” Min ilin müddətində kimdirlər bizə deyənlər “lay-lay hürriyyət?!” “Lay-lay hürriyyət!” İndi də Hop-hoplar başlayıblar “Lay-lay hürriyyət!” Belə görürük ki, bu yazıq hürriyyətin bəxtindəndir ki, indiyə kimi min illərdir ki, müctəhidlərimiz bir yandan deyiblər “lay-lay hürriyyət”, indi də bir yandan cənab Hop-hop başlayıb ki, “lay-lay hürriyyət”. “Lay-lay hürriyyət!” Bunların hamısı keçəndən sonra biz təbrizlilər bircə şeyə məəttəl qalmışıq: indiyə kimi min illərin müddətində bizim müctəhidlərimiz minlərcə kitablar bağlayıblar, minlərcə risalələr yazıblar, amma biz bu kitabları və bu risalələri nə qədər vərəqləyirik, hürriyyət sözü tapa bilmirik. Yəni ağalar min illərin müddətində biz müsəlmanlara deyiblər “lay-lay hürriyyət!” İndi rəhmətliyin oğlu Hop-hop da bir tərəfdən başlayıb “lay-lay hürriyyət!” Rəhmətliyin oğlu istəyir ki, “pişiyim-pişiyim”nən oyatdığımız hürriyyəti bir də yatırtsın. İndi bu da bir tərəfdən başlayıb. “Lay-lay hürriyyət!” “Molla Nəsrəddin”, 2 oktyabr 1907, №37 * * * Aşina sədası Aşina danəd sədayi-aşina Mənim aşnam “Təzə həyat”ın 119-cu nömrəsində həcc məsələsindən söhbət açanda, söz yox, bilmirdi ki, onun “Aşina sədası”nı hamıdan qabaq Molla Nəsrəddin eşidəcək. Min yaşasın sözün açıq danışan qələm sahiblərimiz! * * * Bu müxtəsər və qəlbi xeyir-duadan sonra “aşnama” bir neçə söz demək istəyirəm. Məqalə sahibi belə yazır: “Cahil ruhanilərimiz həcc məsələsinə yanlış məna verməkdən həya etmirlər və avamı inandırırlar ki, həccə gedənlər ömrlərinin müddətində nə qədər günah ediblər, hamısı bağışlanacaq və bu biçarə qırmızısaqqallılarımız bu cahilanə təriflərə inanıb və övladi-əqrəbalarından min-min məşəqqət ilə pul tapıb, Hicaza gedirlər. Bunların qəsdi, əvvələn, günahlarını bağışlatmaqdır və ikinci, vətənə qayıtdıqdan sonra nüfuz, hörmət və etibar sahibi olmaqdır. Bunların çoxu oxumaq və yazmaq bilmədiklərindən qəzet və kitab oxumaqla məşğul olmazlar, ancaq saqqallarını qızardıb və bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi kəmali-əzəmətlə oradaburada dolanırlar”. Sonra “aşnam” deyir: “Həccə getməyin hikməti-siyasiyyəsi budur ki, hər il dünyanın hər ucundan olan müsəlmanlar bir nöqtəyə cəm olub, bir-birinə məlum olmayan nöqsanlarını və dərdlərini və siyasi hallarını bir-birinə bildirsinlər, bunların islahı xüsusunda tədbir və vasitələr tapsınlar və vətənlərinə qayıdandan sonra vətəndaşlarını bu tədbir və vasitələrdən hali edib, bunları əncama gətirsinlər”. Ey mənim “aşnam”! Qadan alım, bizi niyə belə bərkə qısnayırsan? Balalarına qurban olum, ey mənim “aşnam”, bizi, axır, niyə zora salırsan? Qurban olsun sənə mənim canım! Deyəsən, elə Frəngistanda, maşallah, anadan olub, ömrünü orada keçiribsən və deyəsən heç bizlərdən xəbərin yoxdur! A belə atam-anam sənə qurban, bizə niyə yazığın gəlmir, niyə bizi zora salırsan? Axır, biz haradan alaq sən deyən hacıları ki, “gedib Hicaza, müsəlmanların nöqsanlarını, dərdlərini və siyasi hallarını birbirinə bildirsinlər, bunların islahı barəsində tədbir və vasitələr tapsınlar”? Qadan alım sənin, ey mənim “aşnam”! Axır, bir bizim də halımızı mülahizə elə, yoxsa biz biçarələri bərkə qısnamaqdan qəsdin nədir? Ey mənim başımın sahibi “aşnam”, bizi niyə zora salırsan? Bir yandan özün deyirsən “qırmızısaqqallılarımız”, bir yandan da deyirsən ki, “Hicaza gedib, siyasi hallarını bir-birinə bildirsinlər”. Ey mənim tacisərim “aşna”! “Qırmızısaqqal” hara, “siyasi hal” hara? Heç bilirsənmi nə danışırsan? Qırmızısaqqal hacı hara, kitab və qəzet oxumaq hara? Ey mənim gözümün nuru “aşnam”, bir də bunu deyirsən ki, “qırmızısaqqal hacılarımız həccdən qayıdandan sonra məhz bunu bilirlər ki, bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi oradaburada dolanırlar”. Bu sözləri oxuyanda mənim xəyalıma bir şey gəlir, mənim qəlbim bir şey arzu edir, bunu arzu edir ki, günlərin bir günü “aşnama” rast gəlib, o vücudi-əzizi ziyarət edəydim və əl-ələ verib deyəydim: “Min yaşasın sözü açıq və mərdanə danışan qələm sahiblərimiz!”… Keçək mətləbin özgə tərəfinə. Ey mənim əzizim “aşna”! Səndən bircə söz də xəbər almaq istəyirəm: belə fərz edək ki, həccə gedənlərimiz elmli, şüurlu və gözüaçıq müsəlmanlardır. İndi mənə izn ver, səndən bir söz soruşum: bir mənə cavab ver görüm, bu elmli, şüurlu və gözüaçıq hacılarımız nə cürətlə Osmanlı torpağına ayaq basa bilərlər?! Məgər bilmirsənmi ki, Osmanlı torpağına bir təzə adam daxil olan kimi xəfiyyələr milçək təki gəlib ətrafını alırlar və ciblərini və yüklərini axtarırlar ki, görsünlər bu adam nə işin sahibidir? Şükr Allaha, qırmızısaqqal hacılarımıza osmanlı məmurları indiyə kimi etdikləri hörmətin altından, nə qədər ki, bizim canımız sağdır, qurtara bilməyəcəyik. Çünki hər bir kəs bunu yəqin edibdir ki, bizim indiki hacılarımızın ciblərində çoxluca puldan savayı və səlamətlik duasından savayı bir şey tapılmaz. Amma sən deyən kimi şüurlu, elmli hacıların birinin cibində olacaq “Türk” qəzeti, birinin cibində olacaq “Həblül-mətin”, birinin cibində “İctihad”, “Şurayi-Osmani” və qeyri bu cür bic-bic qəzetlər. Məgər sultan Əbdülhəmidin vəkilləri və “şərifi-Məkkə” vali paşaları və bunların kompaniyaları o cür şüurlu adamları Məkkəyə qoyarlarmı ki, oradakı camaatın da gözlərini açsınlar? Məkkəyə oxumuş və elmli hacılarımız getsələr, o vaxt “şərif”lərin ya “vali”lərin sandıqları nə ilə dolacaq və bu zalımlara və dinsizlərə kim boyun əyəcək? Ey mənim nuri-çeşmim “aşna”! Niyə məni dəli-divanə edirsən? Niyə qoymursan öz yerimdə oturum, bozbaşımı yeyim və Allaha şükr eləyim? Niyə bizi zora salırsan ki, sultanın və onun dostlarının yanında bu qədər biədəblik göstərək? Sən elə bilirsən ki, əgər Məkkəyə şüurlu adamlar getsələr, oradakı müsəlmanlarla siyasi məsələlər barəsində söhbətlər edərlər. Amma burasını nəzərdən çıxardırsan ki, osmanlıların ən şüurlu və ən həmiyyətliləri Məkkədə və Məkkənin ətrafındadırlar. Məgər bunlar burada ağız açıb danışa bilərlər? Məgər eşitmirik ki, ayda və bəlkə həftədə bir millət fədaisi Osmanlı hökumətinin vəhşi məmurlarının əli ilə tələf olunur? Məgər bu biçarələrin dadü fəryadı həzrətin pak ruhunu narahat etmir? Məgər hər an o müqəddəs məqamlar bir bigünah hürriyyətpərvərin al qanı ilə boyanmır? Məgər Midhət paşa və yoldaşları Taifdə kəndirlə boğulmadılar? Kimə məlum deyil ki, bu zamanda Məkkə və ətrafı ən dəhşətli bir qətlgah olubdu? Ey mənim “aşnam”! Yoxsa sizin qəsdiniz budur ki, osmanlı qurbanlarının üstünə beş-on da Qafqaz qurbanları qoyulsun?! Vallah, billah, bu sözlər heç kəsə lazım deyil. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 oktyabr 1907, №38 * * * Oğlanlarınızı oxutmayın İndi hər kəs bizim bu sərlövhəmizi görsə, xəyal edəcək ki, biz səhv edib oğlanlarınızı oxudun əvəzində, oxutmayın yazmışıq. Xeyr, biz səhvlə yazmamışıq, elə doğrusu odur ki, yazmışıq. Mən genə deyirəm: əgər oğlanlarınızı axırda evləndirmək fikrinə düşəcəksinizsə, əgər onu ev, əyal, övlad sahibi eləmək istəyəcəksinizsə, məndən sizə əmanət, məbada, oxudasınız. Siz görməmisiniz, siz bilmirsiniz, amma mənim başıma gəlib, mən görmüşəm və bilirəm, qulaq verin səbəbini deyim, oxutmayın deməyə haqqım var ya yox və görün bu oxuyanlarda heç ağıl, kamal, şüur və səliqə olur ya yox. Bəndəzadə Əhməd gimnaziyadan qurtaran kimi dedim, oğul, dəxi indi evlənmək vaxtındır, gərək səni evləndirim. Dedi, ata, hələ mən uşağam. Dedim, ay oğul, biz ata-baba görmüşük ki, adam on dörd, on beş yaşında evlənər, indi sənin on doqquz yaşın var! Dedi, ata, hələ mən uşağam, özüm də hələ gedib universitetdə oxuyacağam. Dəxi bir söz demədim, dedim get oxu, bala. Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamısın qurtarıb gəlib, özünün də tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boynuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızın alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolanı tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Quranı çıxıb, hər cümə axşamı mərhumə anası üçün bir yasin də oxuyur. Dedi işimə gəlməz. Dedim niyə? Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni təkmili obrazovaniyyə olmasa mən almaram. Çünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu. Eləcə bu sözlərə dondum qaldım. Getdim bir neçə gün fikirləşdim, soraqlaşdım, axırda tapdım. Sevinə-sevinə gəldim dedim, oğul, tapdım. Dedi kimdi? Dedim Məşədi Fərzəlinin qızı. Dedi hansı uçkoladan qurtarıb? Dedim Bakıdakı qız məktəbindən: həm rusca bilir, həm də müsəlmanca. Dedi işimə gəlməz. Dedim niyə? Dedi: Mən bu qədər zəhmət çəkmişəm, məşəqqət çəkmişəm, nə bilim gedib harda, harda nə zillətlə ülumi-aliyə təhsil eləmişəm, indi insafdır gəlib, beş kəlmə əlif zəbərə Ə və üç kəlmə də A, B deyənlən təzvic eləyim? Heç yaraşarmı? Heç müsahibəmiz tutarmı? Elə mən bunları eşidən kimi lap naümid oldum, biixtiyar durdu gözlərimdən yaş tökülməyə. Əhməd belə görcək mənə rəhmi gəldi. Dedi, ata, ağlama, ağlama, diriliyimi, rahatlığımı, istiqbalımı mülahizə etməyib sənin xahişini əmələ gətirərəm. De görüm neçə yaşı var? Dedim on beş! Elə bunu eşitcək dik qalxdı ayağa, dedi işimə gəlməz. Dedim niyə? Dedi uşaqdı, əqəllən gərək iyirmi yaşı ola. Bax bunu deyirəm ha! Bu oxumuşların nə ağlı-kamalı olur, nə də səliqəsi. Sən Allah buna bax. Mən hələ elə bildim ki, deyəcək sinni keçib. Vaqeən qızın ki yaşı on ikini keçdi, bir qəpik qiyməti. Amma bu bifərasət deyir ki, uşaqdı. İndi, qardaşlar! Əgər biz oğlanlarımızı oxutsaq gərək qızlarımızı da oxudub onlar üçün əyal hazır edək. Onda gərək bizim də qızlarımız iyirmi, iyirmi iki yaşa kimi gedib oxuyalar, təkmil olalar ki, ülumi-aliyə tamam etmiş oğlanlarımıza layiq olalar. O biqeyrətliyi və günah əmri də ki, biz etməyəcəyik ki, qızlarımız üzüaçıq gedib o payələrəcən oxusunlar. Pəs onda məndən sizə nəsihət: oğlanlarınızı da oxutmayın. Qızdırmalı “Molla Nəsrəddin”, 20 oktyabr 1907, №39 * * * Darülfünun Dövləti darülfünunlar hər məhəldə, hər kənddə və hər beş qədəmdə vardır, əz on cümlə “Məcməül-qənacıq” darülfünunudur. Bu darülfünun ibarətdir on iki klasdan, yəni bu darülfünunda on iki millətin dilini dərs verirlər, bir türkidən savay. Bu darülfünunda ikmali-təhsil edən tələbə uşaqbazlıq ülumunda çox mahir olar. Məsələn, biri kərdənlərimizin sahibi ki, darülfünunun on iki klasın tamam edib və mükəmməl təhsildir. “Molla Nəsrəddin”, 26 oktyabr 1907, №40 * * * Şükr və səna Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar. Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq. Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardır; yəni dumada sağ tərəfdə oturanlar, yəni Nuh peygəmbərin vəfalı dostları, yəni dinc və həyalı adamlar, yəni Allah bəndəsi adamlardır. Mən bu gün möhtərəm oxucularımızdan bircə söz soruşmaq istəyirəm: mən istəyirəm biləm ki, aya biz müsəlmanlar sağların dumaya seçilməklərinə şadmı olaq ya qəmli olaq? Bu barədə hər kəs nə deyəcək desin, amma mən öz tərəfimdən bunu deyə bilərəm ki, “şükr, şükr, şükr və minlərlə şükr!” Buna mənim iki dəlilim var: hər kəs xahiş edir, qulaq versin, ərz edim; hər kəs istəmir, xoş gəldi… * * * Əvvəlinci dəlilim bunadır ki, əgər dumaya sağlar seçilməsəydilər, gərək sollar seçiləydilər; yəni sol tərəfdə oturanlar seçiləydilər. Gümanım bunadır ki, əvvəlinci və ikinci dumanın tarixi heç kəsin yadından çıxmayıb. Dad o günlərdən! Allah bir də öz birliyi xatirinə o günləri bizə göstərməsin. Aman o günlər! Vah, vah, vay, vay, hay, huy!.. Nələr eşitdik, nələr eşitdik, nələr gördük! Dad o lağlağıların əlindən! Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz; əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!.. (bay! Elə, deyəsən, şeir oldu)… Qərəz, solları da gördük. Amma Allah şahiddir ki, hədərən-pədərəndən savayı biz onlardan bircə kəlmə həyalı, ədəbli və ismətli söz eşitmədik. Və bir də, qardaşlar, axır, mən bilmirəm ki, siz soldan nə istəyirsiniz? Ağzınızda deyirsiniz ki, “sol”. Bir baxın, görün, məsələn, heç dünyada sol əldən insana bir fayda olur? İnsaf üçün deyin görək, sağ əlin yanında sol əl nəyə lazım olur?.. Bu belə. İkinci dəlilim budur ki (yəni bunu uşaq da bilir ki), Rusiya məmləkətində hökumət məmurlarının yanında heç bir millətin o qədər hörməti yoxdur ki, nə qədər biz müsəlman millətinin (bunun da səbəbini yeri-göyü yox yerdən xəlq edən tək bircə Allah bilir). Bu da bizə məlumdur ki, dumada sağ tərəfdə oturan üzvlər hökumət məmurlarının siğə qardaşlarıdır, necə ki, bizlərdə bəzi mollalar qırmızısaqqal hacılarımızdan pul alıb, siğə qardaş olurlar və bir vərəq siğə kağızı yazıb, qol çəkib, borclu olurlar ki, behiştə gedəndə siğə qardaşını da öz yanicə aparsınlar. Mən bu gün dumaya seçilən üzvlərin çoxunun adlarını qəzetlərdə oxudum və baxıb gördüm ki, bunların biri rəhmətlik Pobedonosevin siğə qardaşıdır (lənətullah əla qövmüzzalimin!), biri Zavadskinin qardaşıdır, biri Miropyevin qardaşıdır, biri İlminskinin, biri Çerivanskinin. Bu ki, belə oldu, dəxi işlərin hamısı vazehdir; necə ki, farslar deyirlər: “On çe əyanəst, çe hacət bəyan”. Bəndeyi-həqir bu saat oturub, bu işləri düşünürəm və öz-özümə deyirəm: “Şükr, şükr və yenə də şükr!” Və bunu da bilirəm ki, bakılı qardaşlarım da, mənim kimi, bu saat evlərində oturub, bu işləri düşünürlər: “Şükr, şükr və yenə min dəfə şükr!”… Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 noyabr 1907, №41 * * * Başmaq A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən. Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm. Həmişə sənin jurnalın gəlib mənim əlimə çatanda, hamıdan qabaq sənin dikdaban başmaqların gözümə sataşır və gözümə sataşan kimi rəhmətlik anam yadıma düşür. Yazıq anam da sənin kimi həmişə dikdaban başmaq keyərdi, elə lap sənin başmaqlarına oxşayır. Ancaq bircə təfavütü burasındadır ki, ayıb olmasın, sənin başmaqlarının burnu çox uzundu. Doğrusu, Molla əmi, məni bağışla, çünki bir az biədəblik edirəm və mənim kimi adamın siz cənablara nəsihəti qələt eləməkdi, ancaq bir şeydi ağlıma gəlib, dınışıram. Sözün doğrusu, sənin başmaqlarının burnu çox uzundu, əgər mümkün olsa bir az gödəlt. Xülasə, sözüm burada deyil, başmaqların burnu ilə işim yoxdu, amma ləzzət başmaqlarının dabanındadı. Allah sənə rəhmət eləsin, ay ana! Elə həmişə bazara yolum düşəndə rəhmətlik mənə deyərdi: bala, mənə bir cüft dikdaban başmaq al. Mən də alıb gətirərdim. Rəhmətlik geyərdi. Ax, canımsan, ay dikdaban başmaq! Bir gecə yatmışdım, gördüm anamın “vay” səsi gəlir. Dedim, bəlkə biçarə azarlayıb: çağırdım: “ay ana, niyə vayıldayırsan?”. Dedi: – “Bala, dabanlarım ağrıyır”. Dedim: “Nə olub dabanlarına, ay ana?”. Dedi: “Bala, başmaqların dabanı dabanlarımı o qədər əzib ki, ağrısından yata bilmirəm”. Ax, canımsan, ay dikdaban başmaq! Rəhmətlik arvada çox yazığım gəldi. Dedim: – Ay ana, gələsən bu dikdaban başmaqları tollayasan, mən sənə bir cüft çust alım, dinməz-söyləməz geyəsən, dabanlarını çəkəsən. Nə dik dabanı olsun, nə də dabanlarını incitsin, nə yeriyəndə tıq-tıq tıqqıldasın, nə də arxdan keçəndə arxa düşsün, nə at minəndə saatda bir deyəsən “qoyma başmaqlarım düşdü”. – Ax, canımsan, ay dikdaban başmaq! Rəhmətlik anam hirsləndi, nə hirsləndi və o ki, başarırdı mənimkini mənə verdi. Nə qədər məzəmmət, nə qədər giley, nə qədər narazılıq! Deyindi, deyindi, dedi, dedi: – Yaxşı imiş, bundan sonra inşallah, başlarıq yavaş-yavaş urus arvadları kimi çust geyməyə. Utan, utan, bir də belə sözləri danışma. Ax, canımsan, ay dikdaban başmaq! Sonra genə gecələr hərdənbir eşidərdim ki, rəhmətlik anam öz-özünə vayıldayır, deyərdim: “Ana, niyə elə eləyirsən?”. Deyərdi: “Bala, dabanlarım ağrıyır”. Soruşardım ki, “nə olub dabanlarına?”. Deyərdi ki, “başmaqların dabanı incidib”. Dəxi anama bir söz deyə bilməzdim, amma öz könlümdə öz-özümə deyərdim: dikdaban başmağı icad edənə Allah min rəhmət eləsin! Ax, canımsan, ay dikdaban başmaq! On dörd min il bundan irəli bir quli-biyabani (gəl apar bu heyvanı) bir sığırçın yuvası icad eləyib və bu yuvanın bir tərəfinə on iki girvənkə ağırlığında bir daban yapışdırıb və bunun adını qoyub “başmaq”, yəni ayaqqabı, yəni müsəlman arvadının ayağının qabı. Ax, canımsan, ay dikdaban başmaq! İndi, yəni on dörd min il keçəndən sonra, yəni on dörd milyard müsəlman arvadlarının iyirmi səkkiz milyard ayaqları çolaq olandan sonra və gecələr sızıldayandan sonra genə rəhmətlik analarımız və indi də bu saat sağ olmuş bacılarımız deyirlər: hər kəs dikdaban başmağı bəyənməsə urusdu, necə ki, məsələn, Ordubad müctəhidi Seyid Mürtəza deyir: “Molla Nəsrəddini”, “oxuyan kafirdi”, necə ki, məsələn, Tehran müctəhidi Şeyx Fəzlullah deyir: məşrutiyyəti qəbul edən mürtəddi... Ax, canımsan, ay dikdaban başmaq! Dəhrə “Molla Nəsrəddin”, 4 noyabr 1907, №41 * * * Zəncir Zəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz. Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə. İrəvanda bir neçə nəfər başıəmmaməli qır kimi yapışıb camaatın canına, bunların biri camaata deyir ki, “gərək səni zəncir ilə bağlayam”, biri deyir ki, “gərək başına noxda vuram”, biri deyir ki, “gəl gir boyunduruğa”, biri deyir “gəl səni cilovlayım”. İrəvan məscidinin bir qədər mövqufatı var (mövqufat – yəni molla dükanı), indi iki ildi bu mövqufat bir nagəhan bəla kimi İrəvan camaatının canına müsəllət olub. Bu axır vaxtda İrəvan camaatı məscid mövqufatını özü idarə etmək istəyir, amma mollalarımız bu mətləbin ucundan gecə rahat yata bilmirlər. Görürsən ki, bir gün mollaların biri əlində bir vərəq möhürlənmiş kağız bazarı dolanır və kağızı müsəlmanlara göstərir və deyir ki, “dəxi bundan sonra mövqufatın ixtiyarı verilibdir mənə, bu da müctəhidin fitvası, bu imzası, bu da möhrü”. Sabah o biri müəmməm, o biri gün daha bir özgə molla genə məclislərdə və camaat arasında bu kimi möhürlü kağızlardan çıxardıb özünün “mütəvəlli” təyin olunduğunu iddia edir. – Beləcə indiyə qədər “mütəvəllilik” xüsusunda iki-üç mollanın əlində, Nəcəfi-əşrəfdən gəlmiş bu kimi möhürlü kağızlar gərdiş etməkdədir. Bu barədə bəzi şəxslər belə danışırlar: Burada bir para adamlar bu xüsusda müctəhidini – giram haqqında şübhələnməsinlər, çünki həmd olsun, indi müctəhid çox və ətrafda da molla çox, lihaza hər kəs özü üçün kefi istədiyini yeritmək üçün və biçarə avam müsəlmanların canına müsəllət olmaq üçün fitva gətirməyə maniəlik var (amma nə bij sözlərdi). Zəncir, kəndir, noxta, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötrü ki, heyvanın ağlı yoxdur. Amma heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb, kəndiri, noxdanı, zənciri və boyunduruğu qırıb hərəsi dağılıb gedər bir tərəfə. * * * Genə gəldi təbimin dörddən biri: Getdim gördüm minib tatı Salıb boynuna bir çatı Qucaqlayıb mövqufatı Aman qaragözqaragöz. Anaş qurbağa “Molla Nəsrəddin”, 11 noyabr 1907, №42 * * * Batdağ Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam. İndi görək niyə “Füyuzat” bağlandı. * * * Raviyani-əxbar və naqilani-şəkkər-şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, yer üzündə Allahdan başqa heç kəs yox idi; ancaq bir Osmanlı hökuməti var idi, bir də İran hökuməti. İran hökumətində məşrutə var idi, amma Osmanlı hökumətində yox idi. Osmanlı hökuməti baxıb gördü ki, İranın məşrutəsi camaatı bir az yoldan çıxardır; məsələn, imam cümlələrin anbarlarını boşaldırlar, min illik xanları yerindən oynadırlar, Urmiyanın müctəhidi Hüccətül-islamı şəhərdən qovurlar, padşahdan hesab-kitab istəyirlər və qoymurlar vəzirlər məmləkəti özbaşlarına satsınlar, – bu işləri görəndən sonra Osmanlı padşahı öz-özünə fikirləşdi və dedi ki, vallah, bunun heç çarəsi yoxdur, gərək qoymayam İranda məşrutiyyət başa gələ və bizim məmləkətə keçə. Günlərin bir günü Osmanlı qoşunu naqafil, gecənin yarısı, xəlvətcə, hamıdan bixəbər, dinməz-söyləməz İran sərhəddini keçib, töküldü Urmiya vilayətinə və başladı yetim-yesir, ac-uc, lüt-üryan, zəif və məzlum və biçarə İran rəiyyətini qırmağa. Mətləb qalsın burada, biz keçək Bakıya. * * * Bakı padşahı da, Osmanlı padşahı kimi, İran məşrutiyyətindən çoxdan bəri ürkürdü. Bəli, qorxurdu ki, İran məşrutiyyəti Bakıya sirayət edib, bunu da padşahlıq taxtından sala yerə; elə ki, Osmanlı padşahının İrana hücum çəkdiyini eşitdi, dəxi bilmədi ki, şadlığından nə eləsin. Bir-iki gün fikirləşib, xas müşavirini çağırdı yanına, onunla məsləhətləşdikdən sonra quranı qoydu axund Çəyirtkənin başına və dedi: – Durma, bu saat yetir bunu Osmanlı padşahına (çünki bilirdi sultanın yanında quran tapılmaz). Axund Çəyirtkə baş əyib, götürdü quranı, çıxdı neft vışkasının başına, üzün çöndərdi Osmanlıya tərəf və “ya Allah!” – deyib, düz hoppandı, düşdü “Yıldız”ın üstünə və gətirdiyi quranı yetirdi sultanın hüzuruna və kimin tərəfindən gətirdiyini sultana ərz elədi. Sultan quranı alıb qoydu kənara və Çəyirtkəyə dedi: – Buyur, əyləş. Çəyirtkə əyləşdi. Sultan baş katib Təhsin paşaya dedi: – Axund Çəyirtkəyə qəlyan gətir. Axund Çəyirtkə məşğul oldu qəlyan çəkməyə və sultan başladı söhbətə və soruşdu: – Ağa Çəyirtkə, Bakıda nə var, nə yox? Çəyirtkə cavab verdi: – Heç zad, sağlığın! – Sultan yenə soruşdu: – Yenə azdan-çoxdan nə var, nə yox? Çəyirtkə cavab verdi: – Sultan sağ olsun, Bakıda çox neft var, qarpız var, qəssab var, yaxşı qəzetlər yazılır, yaxşı mollalar var… Sultan qəzet adı eşidən kimi, əcələ dedi: – Hələ dayan, dayan! Mənə de görüm, o “Füyuzat”ı çıxardan kimdir? Molla Çəyirtkə cavab verdi ki, “Füyuzat”ı çıxardan həmin quranı göndərən Bakı padşahıdır. Sultan qeyzə gəlib çağırdı baş vəzirini və dedi: – De Cəlal Ünsizadəyə, gətirsin o “Füyuzat”ın 11-ci nömrəsini. Sultan “Füyuzat”ın 162-ci səhifəsini açıb, qoydu axund Çəyirtkənin qabağına ki, “oxu”. Axund Çəyirtkə gördü ki, həmin səhifədə bu sözlər yazılıb: “Rusiya inqilabından sonra küreyi-ərzin ən müxtəlif cəhətlərində mütləqiyyətlər bir-bir məşrutiyyətə münqəlib olmağa başladı: Avropada Balkan şibh cəzirəsində balaca Qaradağ prinçi balaca millətinə qanuni-əsasi və hürriyyət verib, şurayi-milliyyə üçün məclisi-məbusan güşad etdi. Asiyada İran ölkəsində daraların darati-mütləqiyyətlərinə xatimə çəkilib, məclisi-şurayi-milli ilə İran millətinin səadətinə geniş yollar açıldı. Hindistanda gərək brəhmən və buddilər, gərək müsəlmanlar hüquqi-müqəddəseyi-bəşəriyyətlərinin tövsii uğrunda ciddən mücahidəyə başlayıb, hürriyyəti-istiqlallarını tələb etmək üzrədirlər. Afrikanın ötəki başında dünən müharibə nəticəsində istiqlallarını qaib edən burlar bu gün ingilis bayrağı altında yenidən hürriyyətə nail olub, məclisi-məbusan üsulu ilə idarə olunmağa başlayırlar. Afrikanın bəriki başında Misir əhalisi axirül-əmr hürriyyətin qədrini anlayıb, Misir üçün bir məclisi-məbusan güşadını tələb edirlər… Görülür ki, haman Türkiyədən başqa heç bir yerdə mütləqiyyət payidar olmayır; çünki Rusiya hürriyyətinin zərbəsinə tab gətirəməyorlar. Bu surətlə Türkiyənin üzərinə hər tərəfdən bir seyli-xüruşani-hürriyyət hücum edərək, onu muhib bir girdabın içinə düşürüyorlar ki, o girdabda kəştiyi-mütləqiyyətin qərq və nabud olması ilə naxudasının da böyük təhlükələrə düçar bulunması mühəqqəqdir... Bunu sultan çox gözəl anlıyor. İştə anladığı üçündür ki, Rusiya duması dağıdılarkən qurbanlar kəsdiriyor”. Axund Çəyirtkə oxuyub qurtarandan sonra dedi: – Sultan sağ olsun, and olsun sənin əziz başına ki, bizim Bakı padşahının bu sözlərdən əsla və qətən xəbəri yoxdur. Çünki özü bisavad adamın biridir. Sultan bir az hirsləndi, bir az atılıb düşdü, bir az qışqırdı, böyürdü, tüpürdü və bir qədər sakit olandan sonra götürdü qələmi, qoltuq cibindən bir tikə kağız çıxartdı və eynəyini mübarək burnuna taxıb, başladı Bakı padşahına kağız yazmağa. Kağızı dördqat büküb, verdi axund Çəyirtkənin əlinə və dedi ki, “bu fərmanımı tez yetirəsən səni buraya göndərən Bakı padşahına”. Axund Çəyirtkə “hopp!” eləyib, oradan sıçradı Bakı vilayətinə (inşallah mabədi var). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 noyabr 1907, №43 * * * İnşallah Mənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib. Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”. Üç aydan sonra gücnən oğlunu göndərdi məktəbə. * * * Kərbəlayı Qasım bir gün mənə dedi: “Gedirəm Tiflisə”. Dedim: “nə vaxt gedirsən?”. Dedi: “İnşallah iki gündən sonra”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım küçədə durub bir kişiynən danışır. Dedim: “Bə niyə getməyibsən Tiflisə?” Dedi: “İnşallah iki gündən sonra gedəcəyəm”. Beş-altı gündən sonra gördüm Kərbəlayı Qasım gedir hamama. Dedim: “Bə nə vaxt gedirsən Tiflisə?”. Dedi: “İnşallah iki gündən sonra gedəcəyəm”. Dəxi sonra bilmədim ki, nə vaxt Kərbəlayı Qasım getdi Tiflisə. * * * Bir fayton kirayə eləyəndə və səfərə çıxanda müsəlman faytonçusuna deyirsən ki, “sən Allah çamadanı faytonun dalına bərk bağla ki, yolda düşməsin”, deyir, “inşallah düşməz”. Bir qədər yol gedib baxırsan ki, kəndir boşalıb az qalır çamadan düşsün, faytonçuya yalvarırsan ki, “sən Allah, bunu bərkit ki, düşməsin”. Faytonçu cavab verir ki, “inşallah düşməz”. Yainki yolda görürsən ki, yavaş gedir, hava soyuqdur, qaranlıq düşür və faytonçuya deyirsən ki, “qardaş, bir az iti sür ki, tez gedib çıxaq mənzilə”. Faytonçu sənə cavab verir ki, “ inşallah gedib çıxarıq”. Əmim Kəlbəlayı Zülfüqarın övrəti azarlı olanda mən həmişə ona deyərdim ki, “əmi, əlbəttə gərək bu gün azarlıya həkim göndərəsən”. Əmim mənə deyər “ inşallah”. Bir gün keçər, azarlının kefi dəxi də xarab olar və genə əmimdən təvəqqə elərəm ki, həkim gətirsin. Əmim genə mənə cavab verər “inşallah”. Üç gün keçər, genə deyərəm, genə əmim cavab verər “ inşallah”. Əmim “inşallah” deyə-deyə biçarə övrətini Allahın rəhmətinə göndərdi (əlbət əcəli tamam imiş). * * * İnşallah, bu il hava yaxşı olacaq, inşallah bu il çörək ucuz olacaq, inşallah bizim şəhərdə bu il qiraətxana açacaqlar, bu il inşallah məscidi təmir edəcəyik, inşallah bu il çəyirtkə əkinləri yeməyəcək, inşallah bu il yağışlı il olacaq, mən inşallah istəyirəm bu il gedən “Ağdaşdan alma ağacı gətirib əkim, inşallah sabah Heydəri göndərəcəyəm dayısı evinə, inşallah bir neçə ildən sonra həyətin bu tərəfindən bir imarət salacağam və burda inşallah bir məktəb bina eyləyəcəyəm ki, inşallah yetim uşaqlar gəlib burada dərs oxusunlar və ac toyuq yuxusunda inşallah darı görəcək və genə inşallah nə bilim nə eləyəcəyəm və genə inşallah bilmirəm nə eləyəcəyəm və genə inşallah, inşallah, inşallah, inşallah, inşallah Bakıdan müsəlman camaatı aclara buğda göndərəcək ki, yesinlər və yerə səpsinlər inşallah... Mozalan “Molla Nəsrəddin”, 18 noyabr 1907, №43 * * * Xənnas Oruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur. Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”. Bu, doktor molla Əbdülxalıq Axundovun sözləri. İndi mənim də bir neçə sözüm var, cəmi vicdan sahiblərindən xahiş edirəm ki, mən qoca mollanın da bir neçə kəlmə sözünə qulaq versinlər və qulaq verəndən sonra zaiqəyə tapşırsınlar. Mənim sözüm budur: Əvvələn, üç il bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüblər bir qonaqlıq məclisində. Haman məclisdə bir neçə müsəlman kişisi və bir neçə də üzüaçıq müsəlman övrəti var idi. Doktor molla Əbdülxalıq Axundov öz əli ilə çaxır stəkanlarını doldurub, qoyub müsəlman övrətlərinin qabağına ki, içsinlər; amma övrətlər içməyiblər. Məlumdur ki, əgər bir belə sözü Molla Nəsrəddin bir şəxsin barəsində yalandan danışsa, dəxi Molla Nəsrəddindən binamus adam dünyada gərək tapılmaya. Və əgər doktor Əbdülxalıq Axundov cavab versə ki, bu sözlər yalandır, – mən borclu oluram haman məclisdə olan şəxslərin hamısını şahid çəkəm. Saniyən, bir neçə vaxt bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüblər mehmanxanaların birində donuz əti yeyəndə. Əgər doktor Əbdülxalıq Axundov desə ki, bu söz yalandır, – mən borclu oluram müsəlman cavanlarımızdan bir nəfər mötəbərini bu işə şahid gətirəm. Salisən, doktor Əbdülxalıq Axundov indiyədək hər bir “intelligent” məclisində oturanda buyurub ki, bizim evimizi yıxanlar mollalardır və bu sözü deyəndən sonra mollaların barəsində hər bir cür bihörmət sözlər danışıb. Əgər doktor molla Əbdülxalıq Axundov bunu inkar eləsə, – borclu oluram yüz nəfər şahid gətirəm. Bircə sözüm qaldı: Bayram günü “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundov camaata təklif eləyib ki, pul yığsınlar, amma məlum deyil ki, doktor özü neçə min manat verib? Bu səbəbdən bu məqalənin başında biz yazdıq: “Xənnas”. Bəlkə doktor “Səadət” məclisində öz varına görə bir neçə min manat ehsan eləyib, – əgər belə olsa, biz “xənnas” sözünü pozub, yazarıq məhz: “molla”. Əgər verməmiş olsa, haman sərlövhəmiz də elə öz yerində qalmalıdır. Mənim fikrimə bir belə şey də gəlir: Mən deyirəm ki, indi tutaq ki, cənab doktor Axundov özü gedib, Avropada təhsil eləməmiş olaydı; belə tutaq ki, məsələn, Nəcəfül-əşrəfdə mollalıq dərsi oxuyub, adını qoyaydı hacı molla Əbdülxalıq və gəlib oturaydı Bakıda bir məscidin bucağında. İndi bir deyin görək, aya o vaxt cənab Axundov o qədər dövlət və hörmət qazanardı ki, indi doktorluqda qazanıb, yainki yox? İnsaf sahiblərindən təvəqqə edirəm ki, bunu bircə cənab Axundovdan soruşsunlar. * * * Yenə gəldi təbimin dörddən biri, Adını qoymusan molla və qazı, Divardan asıbsan dünbəyi, sazı, Niyə dindirirsən bu boşboğazı, Götürsün qələmi, sataşsın sənə? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 noyabr 1907, №44 * * * Məryəm xanım İnna lillahi və inna ileyhi raciun Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”. “İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxülislamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam. Bəli, Allah şeyx cənablarına rəhmət eləsin. Lakin burasını lazımdır unutmamaq ki, ölünün barəsində yaxşı danışmaq və yainki heç zad danışmamaq qədim latınların adətidir, amma müsəlmanlara gələndə biz bunu görürük ki, müsəlman içində o qədər ki, ölülər barəsində bihörmət sözlər söylənir, – heç dirilər barəsində söylənmir. İndi, məsələn, belə tutaq ki, Molla Nəsrəddin günlərin bir günü düşdü vəfat etdi; çünki əcəldir, gəldi yetişdi, yetişdi. Görək indi bir nəfər adam çıxacaq ki, “İrşad”ın nəsihətinə əməl eləsin? Ay tövbə! Vallah, mənim yəqinimdir ki, bu xəbəri eşidən deyəcək: “Lənət!”. Min lənət Ordubad qırmızı saqqalları tərəfindən gələcək, iki min lənət Gəncə müctəhidləri tərəfindən, üç min lənət Bakı qoçuları tərəfindən, dörd min lənət Naxçıvan hacıları və Qarabağ bəyləri tərəfindən və min-min lənət təzə seyidlər, mütrüblər, İran və Osmanlı məmurları tərəfindən töküləcək. Qərəz, bunlar qalsın kənarda. Allah cəmi ölənlərə rəhmət eləsin! İndi gələk bir qədər də Bakı qız məktəbinin müdirəsi Məryəm xanımdan söhbət eləyək. * * * Əhvalat bu qərar ilədir: Mərhum şeyx cənablarının vəfatı münasibətilə Məryəm xanım götürüb idareyi-ruhaniyyəyə bu məzmunda bir teleqraf göndərib: “Qəmgin olduq. Göz yaşı tökürük. Allah rəhmət eləsin müsəlman övrətlərinin hüququnu mühafizət edən mərhum atamıza. İmza: Məryəm xanım Sulkeviç”. Mən Molla Nəsrəddinəm. Oxucularımdan təvəqqə edirəm ki, mənim şəklimə yaxşı nəzər salsınlar. Mən deyirəm ki, yalan danışmaq nə mənim əbama və əsama yaraşır, nə başmaqlarıma və saqqalıma. Mən yalan danışmanam. Məryəm xanım müsəlman övrətidir və rus arvadları kimi hər yanda və hər məclisdə üzüaçıq gəzər və bakılı qardaşlarım bunu yaxşı bilir. Məryəm xanım mərhum şeyx cənabları ilə, söz yox, neçə dəfələrlə görüşüb və danışıb. İnsanda ağıl var. Allahı heç kəs gözü ilə görməyib; amma ağlın gücü ilə insan deyir ki, yerin və göyün gərək bir sahibi ola. Ağıl belə kəsir ki, nə şeyx həzrətləri Məryəm xanımın rəftarını xoşlaya bilərdi və nə Məryəm xanım batində mərhum şeyxdən razı ola bilərdi. Və səbəbi də budur ki, nə şeyx cənabları müsəlman övrətinin üzüaçıq gəzməyini qəbul edərdi və nə Məryəm xanım şeyxin sözünə baxıb, üzünü örtərdi. Biz 20-ci nömrədə yazanda ki, bizim kişilərimiz öz kəbinli övrətlərini evdə qoyub, gedirlər mütrübbazlığa və uşaqbazlığa qurşanırlar – dünyanın hər bir tərəfindən müsəlmanlar töküldülər üstümüzə və başladılar bizi təkfir eləməyə və mərhum şeyx məcmuəmizi bağlatdı. Məgər Məryəm xanım bunu bilmir? Bəs onda Məryəm xanım harada idi? Məgər onda teleqraf simləri qırılmışdı? Teleqrafı hələ ona bağışladıq; nə səbəbə bir parça kağız yazıb, bizə göndərmədi və demədi ki, “sağ ol, ey Molla Nəsrəddin ki, müsəlman övrətlərinin hüququnu mühafizət eləyirsən?”. Bəs indi bu nə teleqramdır ki, Məryəm xanım şeyxin vəfatı barəsində göndərib? Nə vaxt mərhum şeyx “müsəlman övrətlərinin hüququnu mühafizət etdi?”. Bəs niyə biz bunu bilmirik? Və şeyxülislam hara, müsəlman övrətlərinin hüququ hara? Bəlkə də, doğrudan, mərhum şeyxlə Məryəm xanımın mabeynində hüquq əhvalatı olub; amma bunu biz bilmirik. Olmuş da olsa, gərək gizli ola və bəlkə də bakılılar bilir, amma biz bunu bilmirik. Olmuş da olsa, gərək gizli ola və bəlkə də bakılılar bilir, amma biz bunu bilmirik. Bəlkə Məryəm xanım zarafatnan yazır ki, mərhum şeyx “övrətlərin hüququnu mühafizət edib?”. Ay Məryəm xanım! Səni görüm qız şkolasında oxuyan balaca qızların ahü naləsi tutsun, necə ki, keçən il məktəbxananın odunlarını gizləyib yandırmadın ki, Tağıyevin pulu qurtarmasın və balaca yetimələri soyuqdan qırdın. Amma keçən keçdi. Vallah, yazmışam Dəmdəməkiyə ki, bu qış hər gün gəlsin şkolaya baxsın: otaqlar soyuq olan kimi şəklini çəkəcəyəm ki, cəmi müsəlmanlar səni üzüaçıq və rus paltarında görüb, sənə qarğış eləsinlər. Hələ ki, xudahafiz. Sənin naməhrəm dostun. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 dekabr 1907, №45 * * * Bəqaüs-səltənə Mar mar mizənəd, gürzə mar mizənəd Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”. İndi haman sözlər yadıma düşəndə mənim xəyalım gedir Misrə və orada İran konsulunun nayibi Məhəmməd Nayib yadıma düşür. Və Məhəmməd Nayib Misir torpağında sadədil və biçarə İran rəiyyətinin başına gətirdiyi zülmlər yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür, “hələ bu balasının balasıdı”. Yaxşı yadıma gəlir ki, əvvəlinci ilandan sonra ilanoynadan qutuların içindən dəxi bir zorba ilan çıxardıb atardı meydana və genə deyərdi: “hələ bu balasıdı”. Həqiqət, ilan, nə ilan! Doğrudan, əjdaha kimi bir şey idi, amma “hələ balası idi”. Bunu da yadıma salanda Misirdə İranın general konsulu və Ərfəüddövlənin qardaşı Mirzə Ələsgər xan Bəqaüş-şeytənə yadıma düşür və bu cənabın Misirdə sükunət edən dilsiz-ağızsız İran rəiyyətinin mal və namusuna qarət etməyi yadıma düşür və cənab Bəqaüş-şeytənə yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür: “hələ bu balasıdı”. Yadımdadır ki, sonra ilançı əlini uzadardı və qutunun içindən dəxi də əjdaha kimi bir heybətli ilanı çıxarıb atardı meydana və avaz ilə oxurdu: “Mar mar mizənəd, gürzə mar mizənəd”. Onda dəxi biz qorxub qaçardıq. Bunu da yadıma salanda, məsələn, Ərfəüddövlə yadıma düşür, Mirzə Ələsgər xan yadıma düşür, yəni vəziri-əzəmi-sabiqi-İran. Haman Mirzə Ələsgər xan ki, saləş nəzdik bepəncah pənc, əmma cəvan, mələksəs məsləki-xuliqan, misli-Pruşkeviç və Kruşevan, bidin və biiman, simayəş səhmanak, əbruyəş və qəlbəş siyah, pürmuy, sitəmcuy, şəb ta sübh sədayi-tar, biqeyrət, binamus, biar, lotiyan həmə vabəsteyi-u, mütriban həmə dəsteyi – u. Allah onun evini yıxsın, vəssalam! Başağrısı oldu. Dəli “Molla Nəsrəddin”, 2 dekabr 1907, №45 * * * Salam-məleyk Axund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar. Dəli “Molla Nəsrəddin”, 2 dekabr 1907, №45 * * * Ölülər Qabaqca bir neçə söz Bu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik: “Ay bizə beşcə manat abunə pulu göndərən, Allah görüm səni yerin və göyün bəlasından hifz eləsin! Amin – deyən dil lal olmasın. Amin, ya rəbbül-aləmin!” Hələ mollaları qoyaq kənara. Hətta yazıçılarımızdan, görürsən ki, bir parası elə yağlı dillər və sözlərlə camaata yaranır ki, heç mərsiyəxanlar da o sözləri bacarmazlar. Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayır: “Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, – hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim!..” * * * Amma, vallah, Molla Nəsrəddin yalan danışa bilməz; biz deyirik ki, belə milləti biz canü-dildən istəyə bilmərik (bəlkə içində bir-iki yaxşısı tapıla). Biz belə deyirik ki: bir millət ki, müsəlman qəbristanının yanından keçəndə görə ki, bir özgə millət müsəlman ölülərinin sümüklərini çıxardıb, tullayır kənara və öz ölüsünü onun yerində dəfn edir, – biz belə milləti istəyə bilmərik. * * * Əhvalatı başdan başlayaq. Keçən vaxtlarda Bakıda bir köhnə qəbristan var idi. Hökumət müsəlmanlara təklif elədi ki, bu qəbristanın ətrafına bir hasar çəksinlər ki, itlər gəlib, orada məşğuliyyət eləməsinlər. Müsəlman camaatı hökumətə ərizə yazıb cavab verdi ki, “bizim indi belə işlərə vaxtımız yoxdur; ondan ötrü ki, biz indi məşğuluq… mütrübbazlığa, lotu və qoçubazlığa və mollalarımız da ticarətə məşğuldurlar…” Sonra Tağıyev qabağa düşüb, qəbristanı hasarladı; amma müsəlman camaatına Tağıyevin hərəkəti xoş gəlmədi; çünki xalq elə güman elədi ki, Tağıyevin fikri axırda qəbristanlığı sahiblənməkdir. Müsəlmanlar vurdular hasarı dağıtdılar. Sonra da hökumət baxıb gördü ki, müsəlmanlar istəmirlər öz qəbristanlıqlarına sahib dursunlar. Hökumət bir az baxdı, baxdı, baxdı və öz-özünə dedi ki, “vallah, bura yaxşı yerdir və bu yer müsəlmana da lazım deyil”. Görüm nə deyəcəkdim?.. Mən deyirəm ki, Bakının qazısı indi bu saat gündə bir dəfə faytona əyləşib, haman qəbristanlığın kənarında o tərəfə və bu tərəfə keçəndə görür ki, müsəlman ölülərinin sümüklərini qazıb, tullayırlar kənara. Cənab qazı sümüklərə baxıb, bir söz demir; amma yazıq sümüklər hər dəfə cənab qazını görəndə dilə gəlib deyirlər: “Bax, budur bizim diri qardaşlarımıza nicat paylayan, budur bizim qardaşların başının sahibi. * * * Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir millətini istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eləyir. O biri gün yenə istəyir məhəbbət eləsin, amma o biri günü yenə iyrənir. Və iyrənmək çox asandır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 dekabr 1907, №46 * * * Fərrux bəy Vəzirov Oxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-sində Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”. * * * İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq. Bəli, günlər dolanar, illər gəlib keçər və bizdən sonra gələnlər foryerlərin də ehsanlarını yada salarlar, bizim təlim almış naqqa balıqlarımızın da rəftarını yada salarlar. “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş nüsxələrini tapıb oxuyarlar və oxuyandan sonra bu cür deyərlər: “Ar olsun sənə, ay rəhmətlik Molla ki, yazdın, yazdın, yazdın, hər yandan yazdın; avam kərbəlayı və məşədilərdən yazdın, nadan və biçarə mollalardan yazdın, tərbiyəsiz məmurlardan yazdın, amma bizim injenerlərə gələndə onlara nahaq yerə tərəf saxladın və onların millətə olan düşmənçiliyini və xəyanətini gizlətdin. Ar olsun sənə, ay rəhmətlik Molla Nəsrəddin ki, yazdın, sataşdın, dolaşdın, hamıya toxundun, hamının üstünə güldün və hətta, az-çox ehsanları ilə şöhrət tapan tağıyevlərin də adını çəkdin, amma Fərrux bəy kimi intelligent mülkədarlarımızı görə-görə və bunların avam camaata göstərdiyi rəftarı eşidə-eşidə bircə söz yazmadın ki, gələcək üçün bir yadigar olsun”. * * * Söz müxtəsər yaxşıdır. İnjener Fərrux bəyin Bakıda və qeyri yerdə hər bir dövlətindən savayı Qarabağda yarım milyonluq bir kəndi var ki, adına “Hind arxı” deyirlər. Söz müxtəsər lazımdır. Bu kənddə bir balaca məktəb var. Uşaqların bir neçəsi yerdə, həsir üstündə və bir neçəsi sınıq taxta üstündə oturub, dərs oxuyurlar. Müəllimin məvacibi bir ay yetişər, amma altı ay yetişməz; çünki nə hökumət verir, nə camaat verir. Söz gərək müxtəsər olsun. Hərdənbir Fərrux bəy gələr kəndə. Yazıq müəllim cırıq-mırıq, ayaqyalın uşaqları yığıb, rus saldatları kimi aparıb düzər ağanın qapısına və Fərrux bəy çıxan kimi uşaqlar rus saldatları təki birdən baş yendirərlər. Sonra müəllim dilənçi kimi əlini açar Fərrux bəyin qabağına və yalvarar: – Aman günüdür, ay ağa, bizə rəhmin gəlsin, bizə bir az kömək elə. Bəy hirsli cavab verər: – Mən məktəbə bir qəpik də vermənəm! Söz müxtəsər olsa, dəxi də şirin düşər. Ola bilər ki, oxucularımızın bir parası belə xəyal eləyə ki, Fərrux bəy məhz xəsislikdən məktəbə bir qəpik də istəmir versin. Biz özümüzü borclu bilirik ki, qoymayaq heç kəs belə xəyal etsin. Burada bir mətləb var. Bir az müxtəsər danışaq: bir gün Fərrux bəyin validəsi oturmuş imiş kənddə akoşkanın qabağında. Yeddi-səkkiz yaşında, burnu fırtıqlı, cındır-mındır məktəb uşaqları keçəndə xanıma baş yendirməyiblər. Xanım Fərrux bəyə şikayət eləyib ki, “bu üşaqlar bir az da oxusalar, dəxi bizə qul kimi itaət eləməyəcəklər”. Aşkar şeydir ki, Fərrux bəy zehinli adamdır və doğrudan da, bilir ki, əgər kəndlilər oxusalar, gözləri açılacaq və gözləri açılandan sonra işlər bir az özgə cür olacaq. * * * Sözümüz axıra çatır. Amma sədaqətlə ərz edirik ki, əgər biz Fərrux bəyi xəsis adam bilsəydik, heç bu məqaləni yazmazdıq; amma burası yamandır ki, xanımlar bir məclisdə dövlətlərindən və şövkətlərindən söhbət salanda həmişə belə buyururlar: – Bizim Fərrux Peterburqa gedəndə gecədə əlli manat mehmanxana kirayəsi verər. Məhz bu sözlər bizi danışdırır. Xülasə… Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 dekabr 1907, №47 * * * Oyun-oyuncaq Yox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik. Mən də dinmədim, dedim “qoy hələ görək axırı nə olcaq”. Sonra eşitdim ki, işləriniz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Mən o vədə istədim qələmi götürəm əlimə. Siz genə mənə yazdınız ki, “sən Allah ay Molla, hələ bir az səbr elə, işlər yavaş-yavaş düzələr”. Mən də dinmədim, dedim “qoy hələ görək axırı nə olacaq”. Sonra eşitdim ki, “Cəmiyyəti-xeyriyyə”nizin. “Nəşri-maarif”inizin və “Drama cəmiyyət”inizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən Allah hələ səbr elə, Allah kərimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur, cəmiyyətlərimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah camaatımız kasıbdı, yoxsa sən bizim Gəncə müsəlmanlarını o qədər də həmiyyətsiz və biar hesab eləmə, vallah pulları yoxdu, yoxa da çarə yoxdu”. Mən dinmədim, çünki doğrudan da, yoxa heç bir çarə yoxdur. Və dedim ki, qoy hələ görək axırı nə olcaq. Hərçənd o vədə mənə bir para şeytan adamlar əlaltından yazıb xəbər verdilər ki, “a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eyləyəsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var, amma mən genə dinmədim və gözlədim ki, görək axırı nə olacaq”. * * * Amma sonra nə gördüm!!! Mən görəni heç bir kafir də görməsin, yazıqdı! İndi mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər! Pəs bu nə işdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdır, kimdən pul istəyək? “ Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əgər ki siz düz adamsınız, niyə keçən il bu qədər şövq ilə “sirk”ə getmirdiniz? Yoxsa elə bilirsiz ki, bunun səbəbini Molla bilmir? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan sarısaçlı urus qızları nagəhan bəlaya düçar olsunlar! Onları görüm yaman yara çıxartsınlar. Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onları o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüm gecə səhərə kimi yuxu yuxlamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahü-naləsi sizi tutsun, ay gavur qızları! * * * Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola. Yoxsa vallah bizim yazdıqlarımız da zarafata oxşayır, gəncəlilərin işləri də zarafata oxşayır. Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah işlər gərək belə qalmaya! Lağlağı “Molla Nəsrəddin”, 16 dekabr 1907, №47 * * * İran işləri Bu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim. Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı. Çox fikirdən sonra başladım məktubları açıb oxumağa. Əvvəlinci məktub Bakıdan yazılmışdı. Məzmunu budur: “Bu gün cəmi Bakının qoçubaşları cəm olmuşdular Qasım bəy məscidinə ki, nahaq qanlara bir çarə qılsınlar. Ağaların bir-ikisi minbərə çıxıb mərsiyə oxudu və camaat ağladı. Bir-iki adam da nitq söylədi ki, adları qəzetdə oxunsun, sonra dağıldılar və inşallah bundan sonra Bakıda adamdan savayı bir toyuğun da burnu qanamayacaq, vəssəlam”. Məktubu oxuyub topladım səbətə, ondan ötrü ki, bunun İrana dəxli yoxdu. İkinci məktub Tehrandandır və məktubu yazan bizim həqiqi dostumuzdur. Məktub sahibi yazır: “Dü əncüməni-büzürg ki yeki beismi “Əncüməni-xidmət”, digəri beismi “Əncüməni-fütüvvət” əzüməra və əyan dərhal dər Tehran təşkil şüdə ki zahirən tərəfdari pişrəft məqasidiməşrutə-tələbanənd və batinən onçe ki dər qüvvət və qüdrət darənd əzxatabiyi – məmləkət və bərhəmzədəni-övzai-məclis və həmdəsteyi badüşmənani –vətənkutahi müfərmayənd”. Kağızı oxuyub qoydum kənara, amma genə bilmədim ki, İran nə səbəbə bu günə qaldı. Üçüncü məktubu açdım. Bu da Batumdan gəlib. Məktubda yazılıb ki, İran hacıları dəryanın kənarına düzülüb bikarçılıqdan dəryaya daş atırlar ki, qolları açılsın (məktub çox uzundu, gələn həftə bu barədə danışarıq inşallah). Amma genə bilmədim ki, nə səbəbə İran bu günlərə qaldı! Dördüncü məktubu açdım. Bu da Nəcəfül-əşrəfdəndir. Məktubu yazan bir səmimi dostumuzdur ki, neçə ildi Nəcəfdə ticarətə məşğuldur. Məktub sahibi yazır: “Bəzi üləmayi-Nəcəf və Kərbəla əzqərari-əxbari-səhihə imruz məşğuli-rüşvəgiriftən –əzdüvəli-mücavirə, məxsusən ingilis şüdəənd və şəbü ruz baingilisha dər müşavirə və xəlvət mibaşənd”. Bu məktubu oxuyandan sonra dayandım və genə yarım saata qədər fikir elədim. Bu fikirdə idim, iranlı aşnalarımdan Mirzə Əbülhəsən adlı bir şəxs zəngi çalıb istədi məni görsün. Qəbul elədim. Qonaq içəri girdi, oturdu və mən Nəcəfdən gələn kağızı ona nişan verdim. Rəfiqim dedi yalandı. Dedim nə səbəbə? Cavab verdi ki, Kərbəla və Nəcəfül-əşarət üləmasından belə xəyanət baş verə bilməz. Dedim: Niyə baş verə bilməz? Cavab verdi ki, o cür millətdust və vətənpərəst üləmalar heç vaxt vətənə xəyanət eləyə bilməzlər. Soruşdum ki, bəradər, dünya xəlq olunandan indiyədək sənin üləmaların vətən məhəbbətlərini nə vaxt və nə ilə büruzə veribdirlər? Mirzə Əbülhəsən cavab verdi ki, haman üləmalar millətin və vətənin tərəqqisi yolunda indiyədək növ-növ pürqiymət kitablar yazıblar. Dedim, məsələn. Dedi: Məsələn: kitabi-”Xabnamə”. Haman saat gedib kitab şkafını açıb “Xabnamə” kitabını gətirdim ki, görüm, bəlkə elə doğrudan da, bu kitabı yazan millətin və vətənin tərəqqisi yolunda bu kitabı yazıb. Kitabın ortasından açdım 34-cü səhifəyə rast gəldim. Bir yerindən oxudum: “Əgər kəsi muş dər xab binəd, bezin bədkar düçar gərdəd və əgər muşani-büsyan dər xab binəd ömri-büsyar yabəd”. Dedim, əzizim, budurmu millət və vətən yolunda yazılan kitab? Dedi – Bəli. Dedim –Çox sağ ol, dəxi hansı bu cür kitablardan vətən yolunda yazılıb? Dedi – Məsələn, “Cameüd-dəvat”. Dedim – Çox sağ ol, dəxi? Dedi –”İxtiyarat”. Dedim – Çox sağ ol, dəxi? Dedi – ”Əcayibül-məxluqat”. Dedim – Çox sağ ol, dəxi? Dedi – ”Filnamə”. Dedim – Dəxi? Rəfiqim başladı bu cür kitablardan genə bir neçəsini saymağa. Dedim – Dəxi bəsdi, indi başa düşdüm. * * * İndi mən qaldım ki, nə səbəbə İranın əhvalı bu yerə gəlib çatıb. Oxucularımızdan hər kəs istəsə bu mətləbi necə ki, lazımdır başa düşsün, təvəqqə edirik bu yuxarıda yazılan kitabları tapsın və əvvəlinci səhifəsinə baxsın görsün bu kitabları yazanlar kimdir? Bir şey yadımdan az qaldı çıxsın: Yazıq iranlıların öz dərdləri guya ki, özlərinə bəs deyil, bir tərəfdən də bu gəncəli Məhəmmədovlar qır kimi yapışıblar biçarə iranlıların yaxasından və bilmirəm ki, nə istəyirlər. Amma bundan sonra Məhəmmədovların kefidi ha! “Molla Nəsrəddin”, 16 dekabr 1907, №47 * * * Məsləkimiz Əvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir. Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq. Salisən, həmin təzə 1908-ci ildə də “Molla Nəsrəddin” öz məsləkində davam edib yazacaqdır; yəni hərdənbir xalqın üstə güləcək və hərdən də bir xalqı öz üstünə güldürəcək. Rabiən və bundan da əlavə “Molla Nəsrəddin” köhnə sayaqla hürriyyət və ədalət baydağı altında çalışıb, hənanın rəvacına səy edəcək və dörd arvad alanların azadlığı yolunda haqq sözü müzayiqə etməyib, hamamda həcəmət aldırmağın intişarına çalışacaqdır. Və xamisən, yeddi yaşa çatmamış qız uşağını ərə verməyi və on iki yaşa çatmamış oğlan uşağını evləndirməyi rəva görməyəcəkdir. Bir balaca nəsihət. Söz yox, oxucularımızın heç birisi rusca bilmir (amma adam adını hıqqana-hıqqana yazsa, pis olmaz) və ola bilər ki, oxucularımızın bir parası cibinə beş manat qoyub gedə poçta. Poçt çinovniki öz gavur dilində soruşacaq ki, “şto xoçeş”; yəni nə istəyirsən? Oxucularımız məəttəl qalıb baxacaq çinovnikin üzünə və bilməyəcək nə desin. Biz belə məsləhət görürük ki, dəxi çinovnikə heç bir söz demək lazım deyil… Məhz lazımdır pulu qoymaq çinovnikin qabağına və bircə bunu rusca demək ki: “Tiflis, Molla Nəsrəddin rabatay”. Dəxi özgə bir danışıq lazım deyil. Vəssalam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 dekabr 1907, №48 * * * İlin axırı 1907-ci il axıra çatdı. İndi lazımdır ki, həmin ilin ərzində dünyada hər bir böyük iş ki, vaqe olub, hamısını yazaq ki, oxucularımız bilsinlər. Həmin 1907-ci ilin müddətində şöhrətli vüquatın lap şöhrətlisi rus və ingilis əhdnaməsidir. Dəxi burada təfsilat lazım deyil; çünki bu iş hamıya məlumdur. Həmin ilin müddətində Bakıda ianə komissiyası əmələ gəlib və Zəngəzur və Qarabağ aclarına qırx beş min manat göndərib (amma qorxuram inanmayalar). Tehranda Əzizullah xan ibn-əl şəhid rus səfarətxanasında cüziməleyi-xəlvət olub və çox məvaciblər alıb. Üçkilsədə katalikos və Tiflisdə şeyxülislam vəfat ediblər. Naxçıvanda və Şamaxıda diri pirlər əmələ gəliblər və çox kəramətlər göstəriblər. Peterburqda üçüncü duma başlanıb və Şvetisyanın padşahı vəfat edib. Bakıda Çornı qorodda yeddi yaşında qızlar ərlərindən qorxub, dualıq olublar. Bir parasına vaxtında dua yazıldı, şəfa tapdılar, bir parası o dünyaya getdi. Amerika və Yapon dava gəmilərini hazırlayırlar (güman var ki, davaya çıxsınlar). Qazax mahalında Şıxlı kəndində bir neçə eşşək yayın istisinə dözməyib, gedib giriblər… (vallah, yazmaq da olmur ki, hara giriblər!). Ənzəlidə millət yolunda çalışan Ümidi-humayun mirzə bəyin gədəsini çəkə-çəkə aparıb Rəştin hakimi əmiri-əzəmə və yüz tümən pul alıb (amma oğlan qalmadı, yenə qoydu qaçdı). Axtada Qulyar mahalında camaat molla Qədirə iman gətirib. İrəvanda müsəlmanlar məktəbə çox səy qoyublar. Gəncə quberniyasında bu il çəyirtkə əmələ gəldi və Cəbrayılda pristavın bir gürcü aşpazı vardı, cənab inspektor Cəbrayıl məktəbindəki müsəlman müəllimini çıxartdı və bu aşpazı qoydu onun yerinə. Naxçıvanda çox yağışlar yağdı və palçığın əlindən bir neçə gün dumanın üzvləri dəvə minib, ancaq divanxanaya gələ bildilər. Bakıda qazanlıların məscidinə yığılan min manat düşdü iki qardaşın cibişdanına. Makuda çox qarışıqlıq oldu və Culfada gəncəli məhəmmədovlar… (allahü əkbər, hələ bilmirəm bu məhəmmədovlar binəva iranlılardan nə istəyirlər?). Yenə həmin 1907-ci ildə Misirdə bir böyük müsəlman məclisi əmələ gəlib və Gəncədə həmin ilin axırıncı ayında bir qəribə həngamə üz verdi. Bir gün müsəlman məhəlləsində “qoyma ha! qoyma ha!” düşdü. Çoxusu elə xəyal elədi ki, erməni-müsəlman davası düşdü. Axırda məlum oldu ki, əlli yaşında bir kişi səkkiz davası düşdü. Axırda məlum oldu ki, əlli yaşında bir kişi səkkiz yaşında bir qızın qolundan yapışıb, çəkir oyana. Xalq elə bildi ki, bu kişi qızın atasıdır. Sonra konsulun adamları tökülüb gəldilər və sual elədilər ki, “kişi, bu qız sənin nəyindir?” Cavab verdi ki, “övrətimdir” (qərəz, köhnə işdi). Yenə həmin 1907-ci ilin ərzində yer üzündə çox işlər baş verib. Tehranda “Məclis” ruznaməsi Məhəmmədəlinin barəsində çox “mərhəba”lar yazıb. Ordubadda Seyid Mürtəzanın təhti-sədarətində fitva zavodu açılıb. Gəncədə bir kişi bir qara iti muşqura-muşqura gətirib hamama. Hamamdakı adamlar səslənirlər ki, “evin yıxılsın, iti niyə hamama gətirirsən?” Kişi cavab verir ki, “vallah, mənə cadu eləyiblər”. Kişi iti aparır əvvəl hamamı dolandırır; sonra başlayır iti çimdirməyə. Hamam isti, su isti; it çığırıb qaçır. Hamamda olan kişilərin biri qorxub və sərsəm gətirib (indi bir dua yazan axtarırlar)… Yenə həmin 1907-ci ildə İrəvanda seminariyada şəriət dərsində… (ha istəyirəm irəvanlılardan yazmayam, yenə olmur; çünki irəvanlılar bulvarda skamya üstündə oturub danışan vaxt uzaqdan elə ki, görürlər yoldan keçənin qarnı bir az yoğundur, o saat qalxırlar ayağa və baş endirirlər)… hələ bu da heç… 1907-ci ildə yenə bir para işlər vaqe olub. Hamısını nağıl eləsək, məcmuəmizdə yer olmaz. Amma o ki, hamısından vacib idi, dedik. Qalanları sonra yadımıza düşsə, təzə ilin əvvəlinci nömrəsində, inşallah, yazarıq. Hələ ki, köhnə ilə “xüdahafiz” deyib, sözümüzü tamam edirik. Molla Nəsrəddin Müridləri: Mozalan, Hop-hop, Lağlağı, Dəli, Qızdırmalı, Sırtıq və Hərdəmxəyal. “Molla Nəsrəddin”, 30 dekabr 1907, №49 * * * Eydi-əzha Qurban bayramı Qurban bayramı xüsusunda biz heç bir söz danışmaq istəmirdik. Amma müsəlman qəzetlərində bu barədə gözümüzə bir para məqalələr sataşdı. İndi də əgər biz bu xüsusda bir söz söyləməsək, ola bilər ki, müsəlman qardaşlarımız elə xəyal eləyərlər ki, biz müsəlman qəzetlərində qurban bayramına dair yazılan mətləblərə şərikik. Özümüzü borclu bilirik oxucularımıza xəbər verək ki, biz qurban bayramı barəsində qəzetlərdə yazılan məqalələrin üstünə qırmızı mürəkkəblə qələm çəkirik və qəti surətdə deyirik ki, ya məqalə sahibləri özləri heç zad anlamırlar, ya da ki, qana-qana camaatı tovlayırlar ki, avamların nəzərində mömün və müqəddəs görünsünlər. Dəxi bundan artıq söz danışmağa indi vaxtımız yoxdur və lakin söz veririk ki, 50 il bundan sonra qurban bayramı barəsində oxucularımızla uzun bir söhbət eləyək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 yanvar 1908, №1 * * * Ticarət və ekonomi xəbərləri Cümlə müsəlman qardaşlara məlum edirəm ki, illər uzunu bağlı qalan məscidlərimizdə məhərrəm ayının əvvəlindən ta doqquzuna kimi bu aşağıda yazılan şeylər çox ucuz qiymətə satılacaqlar: Papiros tüstüsü (partiya ilə) Uşaq bağırtısı (partiya ilə) Qəndab, çay, plov, qəhvə, bozbaş, kələm boranısı (porsiya ilə) Leyli-Məcnun eşqbazlığı (düjün ilə, amma gərək qabaqca zadatka verilə). Keçəl qoxusu və balaca-balaca heyvanlar (baqaj ilə göndərmək olar). Partiyabazlıq, dəstəbazlıq, uşaqbazlıq, qeyrətbazlıq və çomaqbazlıq (vaqon ilə göndərmək mümkündür). Təkfirnamə (qəzetlərə), lənətnamə (çəkmələri çıxartmayanlara), ədavətnamə, rəqabətnamə, nitaqnamə, həsədnamə (partiya ilə) Lovğabazlıq və yuxarı başda oturmaqbazlıq (pud ilə satılacaq). Səs-küydən qulaq tutulma, ara qarışıb dəftər itmə, zənənə hamamı, Quba meydanı, Şeytanbazar, övrət yası, axundlar xası. O nədir ki, göydən yerə gəlir hey...hey. O nədir ki, dərvişlər eşşək minir hey... Vay canım, bacı xanım, xanım. Deyirlər bu gün məsciddə toy çalacaqlar, yığış, uşaqları da götür gedək məscidə... Dəli “Molla Nəsrəddin”, 6 yanvar 1908, №1 * * * Halva Ölülər elə bilirlər ki, dirilər halva yeyir. İndi Litva və Polşa müsəlmanları öz-özlərinə deyirlər ki, bax gör biz necə bədbəxt olduq, müsəlmançılıqdan uzaq düşdük, türk dilimizi yadımızdan çıxartdıq və qafqazlı müsəlman qardaşlarımızdan geri qaldıq. Əvvələn, mən güman eləmirəm ki, Polşa müsəlmanlarının ağıllıları və az-çox dünyadan xəbəri olanları özlərini bizə nisbət dalda qalmış hesab eləyirlər. Səbəbi budur ki, indi bizi bürüyən qaranlıqdan dəxi artıq qaranlığı mən xəyalıma gətirə bilmirəm. Və hətta mən deyirəm ki, Polşa müsəlmanları hər bir cəhətdən bizdən bir mərtəbə, bəlkə iki mərtəbə qabaqdadırlar. Gələcəkdə bu məsələnin barəsində ola bilər ki, bir az danışaq. İdarədən “Molla Nəsrəddin”, 6 yanvar 1908, №1 * * * Rəvayət Əcayibül-məxluqat Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı. Yəhya bin Ziyad şeytandan soruşdu ki, bu zəngi niyə boynundan asmısan? Şeytan cavab verdi ki, dünyada bəzi adamlar var ki, hərdənbir istərlər yatsınlar, amma onların yatmağı hərçənd Sədi deyən kimi, cümlə müsəlmanların məsləhətidir və lakin mən bu zəngi çalıb onları yuxudan oyadaram. Yəhya bin Ziyad soruşdu ki, o adamlar kimdirlər, şeytan başladı o adamların adını bir-bir söyləməyə: Təbrizdə Hacı Mirzə Sadıq və Siqqətülislam və Hacı Mirzə Möhsün və Hacı Mirzə Kərim və Mirzə Məsud ağa və ağa Mirhaşımlar. Rəştdə Hacı Xümami və şəriətmədarlar, Tehranda Şeyx Fəzlullah, Hacı Mirzə Həsən, Hacı Seyid Məhəmməd və Seyid Əlilər, qumda Hacı Möhsünlər, Ərdəbildə Mirzə Ələkbərlər və Mirzə İbrahimlər, Sərabda Hacı fəxrlər və hacı qazilər, Məşhəddə hacı etimadlar, mütəvəllibaşılar və xüddam bibilər və siğə oxuyanlar, Mərənddə Molla Həmidlər və Hacı molla Vəlilər... Şeytan bu sözləri deməkdə idi, birdən gördü ki, Təbrizdə Siqqətü-lislam ağa bir tirmə palanlı eşşəyə minib gedir və minlərcə Təbriz əhli ağanın əlini öpürlər. Şeytan bunu görcək yüyürüb başladı bu da ağanın dizlərini öpməyə, amma bu heyndə Allahın heyvanı şıllağa qalxıb şeytanın zınqırovundan bir təpik vurdu. Mən zınqırovun səsinə oyanıb gördüm ki, təzə il gəlib yetişib. Lağlağı “Molla Nəsrəddin”, 6 yanvar 1908, №1 * * * Fitvalar Altı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə: Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik Cəmi qəzetlərin və ağızlarına diş qondaranların qətlinə hökm verən fitvalar... nüsxəsi bir quruş. “Molla Nəsrəddin” jurnalını təkfir edən fitvalar (ordubadlı Seyid Mürtəzanın böhtanlı sualına cavabən)...biri çert qəpik. Şiə və sünni ittihadının, təzə üsul məktəblərin, qızlara yazı örgədənlərin və bozbaşı qaşıq ilə yeyənlərin əleyhinə yazılan fitvalar... biri bir pənabat. Hər kəsin vaxtı müftə olsa və yazıb xahiş etsə, təxirsiz göndərilər. Pul əvəzinə marka da qəbul edə bilərik. İdarədən “Molla Nəsrəddin”, 13 yanvar 1908, №2 * * * Ləpə Mən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam. Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!.. Elə götürürəm qəzeti əlimə və istəyirəm oxuyam. Görürəm ki, başdan yazılıb “şimdi”, ortalığa da bir neçə kəlmələr düzülüb, axırda da yazılıb məsələn, “dir”. Söz yox ki, “şimdi” və “dir” ana dilimizin əlamətləridir və bunları da mən qanıram (amma “şimdi” yerinə “indi” yazmaq olmaz). Qərəz, başdan “şimdi”, axırda “dir”. Amma ortalıqdakı sözlər nə sözdü, vallah, qanmıram. Məsələn, “şimdi övzai-haliyyeyi-təkvni ixtisasından mərhəleyi-mərüzati-etilaqi nayiqeyizövrəqü ciceyi dəciheyi-nəciceyi-məcihəsindən mayəftun üftan olacaqdır”. Başdan “şimdi”, axırda da “olacaqdır”, amma ortadakı sözləri qanmadım. Bu ortadakı sözlərə “ləpə” deyirlər. Məsələn, mən həmişə ləpə yeyəndə elə bilirəm ki, mən azarlıyam, ondan ötrü ki, zəhrimar heç həllə getmir. Buradan bir haşiyə çıxaq. Bizim nurdidə Qulaməli çox bərk heyzə olmuşdu, sancıdan rahatlığı yox idi, qızdırmadan gözlərini aça bilmirdi, ilan kimi sürünürdü, gah bağırıb, gah da sayıqlayırdı. Bizlərdə adətdi, azarlı görməsinə əliboş gəlməzlər. Çünki ata-babamızdan məsəldi ki, “azarlının gözü gələnin əlinə baxar”. Odur ki, azarlı görüşünə gələnlər hər nə gətirsələr, gərək öz əllərilə azarlıya heç olmasa, bir az dadızdırsınlar. Nurdidə Qulaməlinin xəstəliyini eşidib qohum-qardaş hərə bir növ xörək bişirib başladılar bir-bir təşrif gətirməyə. Hamıdan qabaq nurdidə Qulaməlinin Pərzad xalası gəldi və turşulu kələm dolması gətirmişdi. Arvad dolma nimçəsini qoydu azarlının qabağına və başladı: “Xalan qadovu alsın, ye, balam, ye, yeməsən ölərsən, yazıq balam, gözlərin quyunun dibinə düşüb”. Pərzad xala dolmanın hamısını zornan yedirtdi nurdidə Qulaməliyə. Bir-iki saat keçməmişdi, Qulaməlinin bibisi Hürzad bibi girdi içəri və dəsmala bükülmüş bir qabı qoydu azarlının qabağına. Dəsmalı açdı və bir zorba küftəni əlinə götürüb istədi soxsun azarlının ağzına. Qulaməli əllərini uzadıb istədi küftəni kənar eləsin, amma Hürzad bibi yapışdı azarlının əllərindən və küftəni zornan soxdu Qulaməlinin ağzına: “Di ye, di ye, bala, ye, yeməsən ölərsən”. Bir az keçməmişdi Qulaməlinin dayısı arvadı Balaxanım zəfəranlı bal halvası gətirdi. Bu arvad da “Yeməsən ölərsən” deyə-deyə zornan bal halvasını tıxdırdı naxoşun boğazına. Bir azdan sonra qonşumuz Tükəzban əmidostu ədviyyəli firni bişirib gətirmişdi. Bu da zornan və davaynan bir neçə qaşıq tökdü Qulaməlinin boğazına. Sonra bacısı Telli uzaq kənddən qardaşının azarlı olmağını eşidib ləpəli və turşulu bozbaş bişirib gətirmişdi və bundan əlavə Tellinin əri də qızıləhmədi almalarından üç-dördünü gətirmişdi. Telli içəri girən kimi özünü saldı azarlının üstünə və başladı: “Bacın sənin qadovu alsın, ye, yeməsən ölərsən”. Bir qədər də keçəndən sonra nurdidə Qulaməlinin kiçik qardaşı Kərbəlayı Haqverdi əlində bir-iki müsəlman qəzeti girdi içəri və azarlının qabağına qəzetləri qoyub dedi: “Dadaş, bu qəzetləri gecə yatanda qoy başının altına, həman saat şəfa taparsan. Nurdidə Qulaməli soruşdu ki, o qəzetlərdə nə xasiyyət var ki, mən olardan şəfa tapım. Kərbəlayı Haqverdi cavab verdi ki, bu qəzetlərdə yaxşı məscid moizələri var, yaxşı təbriknamələr var, bayram duaları var. Pir olmuş Kərbəlayı Haqverdi deyəsən ki, elə bilirmiş, Qulaməli gecə yatdı və səhər lap sağ və salamat dürdü ayağa və qaçdı küçəyə aşıq oynamağa. Amma bilmirəm, nurdidə Qulaməlinin şəfa tapmağı xalalarımızın xörəyindən oldu, yainki eydnamələrimizin təsirindən. Hər nədənsə, şükür Allaha ki, axırı səlamətlik oldu. Lağlağı “Molla Nəsrəddin”, 13 yanvar 1908, №2 * * * Küp Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə… Gələk söhbətə. Bir divanxanada müsəlman qulluqçusu görməyəndə adam nisgil eləyir və özünü qərib adam kimi köməksiz, yad hesab eləyib qəmgin olur. Amma bir şey də var ki, bəlkə onu müsəlman qardaşlarımız yaxşı bilmirlər. Bu da var ki, bəzi vaxt və bəlkə çox vaxt adam divanxanada bir müsəlman qulluqçusu görəndə o qədər qorxur ki, adamın yadına boyaqxana küpü düşür. “Lənət şeytana” deyin və fikrinizi verin, məsələn, İrəvana, Ağdaşa, Qarabağa və hər yana ki, meyliniz çəkir. Amma hələlikdən bu dəfəliyə Mərv naçalnikinin sekretarı Həmid bəy Qaragözovdan söhbət eləyək. Biz üşaqlıqda çox şitəngilik elərdik. Bir gün rəhmətlik molla Pəricahan xala gəlmişdi bizə. O günü də rəhmətlik nənəm bizim üstümüzə çox acıqlanmışdı və acığından qatıq çanağını götürüb çırpmışdı başımıza. Çanaq sınmışdı və qatıq tökülüb, divarı bulamışdı. Rəhmətlik molla Pəricahan xala çox oxumuş arvad idi; özü də Kərbəlaya getmişdi; Xorasana da getmişdi. Nə bilim, deyirdilər, hər bir elmdən başı çıxır. Həqiqət, bəzi ağzı qəşənglər hələ bununla belə deyirlər ki, bizim müsəlman arvadları tərbiyəsiz və elmsizdirlər. Xülasə, molla Pəricahan içəri girib nənəmi pəjmürdə görən kimi əhvalatı başa düşdü ki, biz nadinclik eləmişik. Əvvəl rəhmətlik molla Pəricahan üzünü bizə tutub üç dəfə dedi: “Puf, puf, puf”; sonra çöndü nənəmə: – Ay rəhmətliyin qızı, sənin birçəyin ağarıb, hələ bu vələduznaların öhdəsindən gələ bilmirsən. – Nənəm dedi: – Vallah, gələ bilmirəm, billah gələ bilmirəm. Rəhmətlik molla Pəricahan bir az dikəlib iki əlini də ölçə-ölçə ucadan qışqıra-qışqıra dedi: – Ay rəhmətliyin qızı göndərsənə bu tısbağaları boyaqçı küpünə! Nənəm də qulaq asırdı. Molla Pəricahan yenə dedi: – Sabah şənbə günüdür, saat xoşdur. Gün batan zamanı göndər boyaqçı bunları bir yaxşıca bassın küpə, o saat sakit olsunlar. Mən dünən kitaba baxmışam, küpdən savayı nadinc uşağın özgə çarəsi yoxdur, elə o saat sakit olarlar; nə şitəngilik eləyib sənin başını ağrıdarlar, nə də ki, sən Allahın nemətini bunların başına çırparsan. Sabahısı günü aparıb bizi basdılar küpə. Allah molla Pəricahan xalaya rəhmət eləsin. * * * Bəli, Mərvdən danışırdıq. Əhvalat budur ki, Mərvdə müsəlman cavanları bu axır vaxtlarda teatr oynayırdılar və “Müsibəti-Fəxrəddin” faciəsini tamaşaya qoymuşdular. Naçalnikin sekretarı Həmid bəy Qaragözov müsəlman teatrçılarının anadan əmdikləri südü burunlarının deşiyindən tökmək əhvalatını burada təfsilən yazsaq, – çox lağlağılıq olar; ancaq bunu deyə bilərik ki, əgər Mərv oyunçuları mənim kimi uşaqlıqda şitəngilik eləyəndə həyə onları da aparıb boyaqçı küpünə basıblar, – elə bu yazıqlar da Qaragözov kimi müsəlman qulluqçusunu indi bir divanxanada görəndə boyaqçı küpü yadlarına düşər. Dəxi, bura kimi bəsdir. Lağlağı “Molla Nəsrəddin”, 20 yanvar 1908, №3 * * * Ot İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir. Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki: Vəqti bəhar əst xiz, ta betamaşa rəvim… Ya bir özgə yerdə oxuyuruq: Mübarək bad mürğani-çəmənra, Nəvasəncani-rəngin əncümənra Ki, əhdi növbəhar aməd tərəb cuş Nevi-gül kərd dövrani-kühənra… Bunlar hamısı köhnə sözlərdir və köhnə səliqədir. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir və, demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar. Bir ay bundan qabaq Qafqazın hər bir yerindən erməni camaatının vəkilləri cəm olmuşdular Tiflisə ki, erməni aclarına sərdardan pul istəsinlər. Həmin vəkillər yanlarıyca uzun-uzun ərizələr, siyahilər gətirmişdilər. Kəndlilərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd, hamısını təfsilən yazıb yekə-yekə kitablar bağlamışdılar və bu ərizələri və siyahiləri maşında səliqə ilə çap eləyib gətirib qoymuşdular sərdarın qabağına. Erməni vəkilləri istədikləri pulun qədəri iki milyon yarımdı. O günlərdə mən Tiflisdə küçə ilə gedərkən İrəvan xanlarından da gördüm və Qarabağ bəylərindən də bir neçə dəstə gördüm. Və görəndə yəqin elədim ki, bunlar da gəliblər müsəlman aclarına sərdardan pul istəsinlər. Amma məlum oldu ki, bunların heç biri pul istəməyə gəlməyib. İrəvan xanları nədən ötrü təşrif gətirmişdilər, – bilmədim, amma bunu bildim ki, Qarabağ bəyləri nədən ötrü gəliblər. Qışda Tiflis cənnətin bir guşəsinə oxşayır. Tiflisdə “Sirk” oyunu həmişə qışda başlanır. Ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar; ancaq qış fəsli bikar ola bilirlər. Kənddə də qışda oturmağın nə mənası? Bir yandan ac kəndlilərin ağlaşması, bir yandan da elə haman övrət-uşaq, haman övrət-uşaq, haman övrət-uşaq. Qərəz ki, heç bir ləzzəti yoxdur… Dekabrın 27-də erməni vəkilləri sərdara ərizə verirdilər və elə həmin gün Qarabağın qoca və cavan bəyləri “Sirk”də əvvəlinci cərgədə oturub sirk qızlarının çıplaq topuqlarına tamaşa eləyirdilər. Erməni vəkillərinin biri ağlaya-ağlaya ac ermənilərin əhvalını sərdara nağıl eləyirdi; bəylər də qaqqıldaya-qaqqıldaya qızların oynamağına çəpik çalırdılar. Ermənilər deyirdilər: – Aman günüdür, sərdar, bizim aclara pul ver. Bəylər deyirdilər: – Oxqay, Liza can, qadavı alım! * * * Biz yenə deyirik ki, Qarabağın kəndlərində müsəlmanlar acından ağlaşırlar. Biz bunu neçə dəfə yazmışıq və heç kəs bizə cavab verməyibdir ki, bu sözlər yalandır. Və heç kəs də dinmir. Biz neçə dəfə yazmışıq ki, keçən il Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. Biz neçə dəfə yazmışıq ki, Bakıda keçən il qurulan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura ki, putu iki manatdan satılsın və min manat da göndərdi Qarabağa. Bu min manatdan da hələ heç bir acın xəbəri yoxdu. Hesab və kitab da ki, maşallah, müsəlman içində adət deyil. Qurtardı getdi. Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən ki, yazılıb “maşallah flan milyonçu, maşallah flan millətpərəst, maşallah flan xan, flan bəy, flan hacı, flan kərtənkələ…”. Amma heç kəs yazmır ki, bir yandan minlərcə müsəlmanlar acından ağlaşır və bir yandan da minmin manatlar xərclənirlər qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barışna və madama, sözü bir dəfə deyərlər adama!... Bunlar hamısı öz yerində; amma bu da var ki, qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir: – Vəqti bəhar əst xiz, ta betamaşa rəvim!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 yanvar 1908, №4 * * * Yuxu Molla, salaməleyk! Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan? On beş yaşlı oğlan elə bunu eşidən kimi əl (atdı) xəncələ ki, ədə, mən nə vaxt indiyə kimi verdiyim vədədən çevrilmişəm ki, mənə o adı qoyursan? Məhəmmədəli şah özünsən, anandı, atandı, böyük nənəndi, babandı, yetmiş iki arxandı. Gədə, mənə Məhəmmədəli şah deyirsən? Şarap çalanda yuxudan dik uzanıb gözlərimi yumub gördüm ki, bir böyük, belə çox böyük, çox, çox, çox, çox böyük, ağzıma torpaq, bismillah, bismallah, Allah eləməsin, iraq səndən və insanlardan, bir molla olmuşam... Dədəm üzün tutub mənə, məni də qoyub qabağına, əlinə də bir qalıb İran sabunu alıb, yəni müsəlman sabunu, məni yuyub əridir. Məsələn, nə deyir? Deyir ki, məsələn, ay Allahın heyvanı, neçə ildir ətəbati-alliyata oxumağa getmişdirn? Mən də deyirəm ki, qırx ildir. Dədəm də deyir ki, ey gödəkquyruq, bu qırx ildə bəs nə oxumusan, nə öyrənmisən, məsələn, nə bacarırsan, ey səni görüm lənətə gələsən, oğul, ey səni görüm həkimi-mərəndi Mirzə Vahabın dərmanlarından şəhid olan məzlumların, yetimlərin ahü-nalələri səni tutsun, bir de görüm bu qırx ilin müddətində nə öyrənmisən? Mən deyirəm ki, ay dədə, çox zad öyrənmişəm, məsələn, əgər şəkk eləsən iblis ilə Atabəy arasında, məsələn, Şeyx Səfi ilə Şeyx Fəzlüllahın arasında, məsələn, Şümr ilə Hacı Mirzə Həsənin arasında, ibn Ziyad ilə Hacı Məfaxirülmülkün və Məfaxirüddövlənin və Sədülmülkün və Nəsrilmülkün arasında, yainki şəkk eləsən şeytanın balaları ilə mürtəzəvilər arasında – bulara da əgər şəkk eləsən, onu mən fərq verə bilərəm. Dədəm dedi ki, tfu... mürdəşirə verim sənin kimi mollaları. Bunu indi küçədəki uşaqlar da qavala qoyub çalıllar. Bir də dedim ki, dədə, məsələn, “Canabbas” kitabının haşiyəsinə yaza bilərəm ki, məsələn, sənkini-bədəni-xudra, məsələn, bər dəsti-rast əndazəd, məsələn, əz... ta... se dəfə və dərvəqti-düxuli-beytülxəla əvvəl payi-çəp ya dəsti-rastra bəgüzarət, məsələn, amma bayəd dər elmi-ləntərani, məsələn, dər babi-ühutyəhut ühutatən və ühtiyatən, məsələn, ziripara bəgüzarəd, nə ruyi-para. Dədəm qalxdı ki, məsələn, tüpürsün əmmameyi-şərifəmə. Dedim: di dinmə, hələ qulaq as gör nə öyrənmişəm. Soruşdu ki, nə öyrənmisən? Dedim: dədə, səni and verirəm Quylarsarılı vağzalında oxumaq adı ilə bir tövləyə cəm olub quru yerdə dəri üstə oturub əllərində çərəkə “bir noxta, iki noxta, üç noxta” deyə-deyə oxuyan uşaqların səylərinə, bir mənə qulaq as gör daha nə öyrənmişəm. Dədəm dedi: nağıl elə görüm daha nə öyrənmisən? Dəli “Molla Nəsrəddin”, 27 yanvar 1908, №4 * * * Mırt-mırt Vacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”. Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!). Bunun səbəbi nədir? Niyə qızlarımız çoxalıb və evlənən cavanlarımız azalıb? Bunun səbəbi budur ki, oğlanlarımız gedib Avropa dərsi oxuyurlar və Avropa tərbiyəsi alırlar. Bunların da bir parası dərsi qurtarıb, vətənə qayıdıb gələndə öz yanlarınca rus, yəhudi, ya qeyri bir millətlərin qızlarından birini seçib gətirirlər və kəbin kəsdirib, özlərinə övrət eləyirlər. Cavanlarımızın da bir parası qayıdıb gəlir vətənə ki, burada öz səliqəsinə müvafiq bir müsəlman qızı tapıb alsın. Amma gəzir, dolanır, xəbərləşir və axırda görür ki, dərs oxumuş və tərbiyə tapmış müsəlman qızı yoxdur. Bir neçə il də gözləyir, gözləyir və lap axırda ya bu da gəlir bir rus qızı, ya yəhudi qızı tapır, ya da “cəhənnəmə, gora!” – deyib, gedir bir müsəlman qızı alır. Bəli, qızı alıb gətirir evə və öz özünə deyir ki, “bəlkə bir tövr ötüşək!”. Bir gün səhər tezdən övrət yerindən durur, istəyir geyinsin getsin anasıgilə, kişi soruşur ki, “niyə gedirsən?”, övrət cavab verir ki, “bu gecə yuxu görmüşəm, gedirəm anama deyim, getsin Molla Haqverdiyə kitaba baxdırsın”. Kişi deyir ki, “nahaq yerə zəhmət çəkib getmə, ondan ötrü ki, yuxudan heç bir şey bilmək olmaz”. Övrətin bu sözlər xoşuna gəlmir, ərindən küsür və iki gün ərilə danışmır. Bir neçə gün də keçir. Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, qardaşının da və qeyri yad kişilərin də yanında ayaqları çılpaq dolanır; amma, söz yox, üzünü və başını çarqatnan bərk-bərk gizləyir. Əri deyir ki, “ayıbdır, ayaqlarına corab gey”, övrət cavab verir ki, “sən Allah ətimizi tökmə, evdə adam corab geyməz, adam yasa gedəndə, ya hamama gedəndə corab geyər”. Bu da kişinin acığına gəlir və burada da kişi iki gün övrətindən küsüb danışmır. Bir neçə gün də keçir. Övrət görür ki, həmişə axşamlar əri qabağına kitab qoyub oxuyur, ya bir kağız götürüb yazır. Övrət bikar oturub başlayır əsnəməyə. Bir az keçir, övrətin yuxusu gəlir və kişi də kitabından və kağızından əl çəkmir. Bir az da gözətləyəndən sonra, övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: “A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış, canına yazığın gəlsin! Bu nədir yuxunu özünə haram eləyirsən ki, nə bilim nə var? Bir canına yazığın gəlsin, bir usan, ay bu kitab-mitabı icad eləyənin evi yıxılsın!”. * * * Bu bir lazımlı və yenə lazımlı məsələdir. Əgər bu məsələni elə bu halətdə qoysaq, oxumuş cavanlarımızın heç biri müsəlman qızı almaz. Bu dərdə bir çarə tapmaq lazımdır; elə bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz! Bizə qalsa, biz buna iki çarə bilirik: Bunun bir çarəsi budur ki, oğlanlarımızı dəxi bundan sonra Avropa tərbiyəsinə qoymayaq; məsələn, Nehrəmin, Ordubadın cavan oğlanları həmişə Təbrizdə “elm” təhsil eləyirlər və vətənlərinə qayıdıb gələndən sonra evlənirlər və ömrlərinin axırına kimi də xoşbəxt yaşayırlar. Ya gərək belə ola. Ya da ki, oğlanlarımızı Avropa dərsinə göndərəndə qızlarımızı da qoyaq dərsə ki, heç olmasa Avropa elmindən və tərbiyəsindən barı yarımçıq da olsa, bir az oxusunlar və öyrənsinlər. Biz belə qanırıq və belə də deyirik. Hər kəs nə cür qanır, elə də qansın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 fevral 1908, №6 * * * Cavab Üçüncü nömrəmizdə yazmışdıq ki, Mərv naçalnikinin dəftərxana mütərcimi aşqabaddan gələn tərəqqipərvər cavanlarımızı incidib. İndi mərvlilər yazırlar ki, bu yalandır. Məlum şeydir ki, Mərv əhli işin həqiqətini necə ki, lazımdır, bilir: biz yazdığımız yalandırsa da bilir, doğrudursa da bilir. Amma bu var ki, qeyri yerin oxucuları əhvalatı bilmir və bəlkə də bəzinin fikrinə gələ ki, doğrudan da, biz böhtan yazmışıq və tanımadığımız bir müxbirin sözünə etibar eləyib möhtərəm bir şəxsin barəsində iftira söyləmişik. Allah şahiddir və mərvli qardaşlarımız da bilir ki, Aşqabaddan gələn tərəqqipərvər cavanlarımız Mərvdə “Müsibəti-Fəxrəddin” faciəsini teatr tamaşasına qoyan vaxt cənab mütərcim truppa cavanlarını incidib. Amma incidəndən sonra onları nə cürsə razı edib və ortalıqda mehribanlıq əmələ gədib, cavanlar hətta mütərcimdən qəzetə razılıq da yazıb göndəriblər. Çox əcəb və biz bu barədə minlərcə şükr edirik ki, yenə axırda hər iki tərəf razı olub. Və biz axtardığımız elə budur. Burada biz sözümüzü tamam edərdik, əgər mərvlilərin ikinci rəddiyyəsi gözümüzə sataşmasaydı. İkinci cavablarında mərvli qardaşların bir neçəsi bizə yenə təkidlə böhtançı və iftiraçı adı qoyub və üzünü müxbirimizə tutub soruşurlar: Aya gedib naçalnikdən izn alan kim idi, aya, nə bilim, nə eləyən kim idi?.. Və axırda da soruşurlar ki, “aya qapıçılıq vəzifəsini görən kim idi?..”. Əgər mərvli qardaşlar izn versələr, biz də üzümüzü teatrda əyləşən tamaşaçı qardaşlara tutub, bircə söz soruşarıq: Yadınızdadırmı, qardaşlar ki, əvvəlinci, ikinci, üçüncü və dördüncü cərgələr tamaşaçılarla dolu idi; beşinci, altıncı və yeddinci cərgələr boş idilər? Və dal cərgələr yenə tamam dolu idilər və lap dalda çox adam ayaq üstə durub, bir-birini basırdı. Bu ortada olan üç boş cərgələrin orta cərgəsində bir nəfər əlli-əllibeş yaşında adam oturmuşdu. Amma düz oturmamışdı: yəni üzü səhnəyə deyildi, üzü akuşkalara idi və elə də oturmuşdu ki, guya balışa təkyə edib: qıçı qıçının üstündə, bir əli qabaq cərgənin stulunun üstündə idi, bir əli də dal cərgənin stulunun üstündə. İndi də növbə bizimdir; indi də biz mərvli qardaşlardan soruşuruq ki, aya bu cənab kim idi? Aya kim idi teatr oynamadan qabaq: “meymun oynadanlar gəldilər” – deyib, oyunçuları təhqir edən? Yoxsa bunun elə bir zərəri yoxdur? Yoxsa biz müsəlman içində belə işlərə “adamı incitmək” demək olmaz? Yoxsa belə şeylər bizim içimizdə ötüşər? Özgə millətlərin içində vilayətin sərdarı da teatra gələndə özünə bir stul götürüb, ədəblə oturar və onun sağ və sol tərəfində olan stulların biletini hər kəs pul verib alıb, o da gəlib sərdarın yanında ədəblə oturar. Bəlkə bizlərdə hər kəsin boynunda qırmızı yaxa olsa, müsəlman məclisinə həqarətlə baxmağa ixtiyarı var? Biz bəlkə bilmirik? Bəlkə elə, doğrudan da, belədir?.. İkinci dəfə cənab mütərcimin barəsində danışmağa bizi mərvli qardaşlar vadar etdi. Məhz bu barədə üzr istəyirik. Lağlağı “Molla Nəsrəddin”, 17 fevral 1908, №7 * * * Haradadırlar? Haradadırlar rusca yazanlarımız? Necə olublar qələm sahiblərimiz? Hara gizləniblər rus darülfünunlarını qurtarmış cavanlarımız? Niyə onlardan bir səs çıxmır? İndiyə kimi çox vaxt ittifaq düşübdür ki, biz müsəlmanların barəsində cürbəcür böhtanlar rus qəzetlərində yazıblar ki, bizi qeyri millətlərin və dövlətin nəzərində töhmətləndirsinlər. Amma böhtanların iyirmisinə bizlərdən bir dənə də cavab yazılmayıb. Bədxahlara mərdliklə cavab verən keçən vaxtlarda bircə Əhməd bəy Ağayev olardı; amma “İrşad” çıxandan sonra müşarileyh rusca yazmağa da, məlum ki, dəxi fürsət tapa bilmir. Niyə rusca oxumuş cavanlarımız hərdənbir qələm götürüb müsəlmanlar barəsində yazılan yalanlara cavab yazmırlar? Nədir bunun səbəbi? Deməsinlər “hansı qəzetə cavab yazaq ki, çap eləsin?” Onlar bunu çoxdan bilirlər ki, məsələn, Tiflisdə nəşr olunan və bitərəflikdə şöhrət tapan “Zaqafqazye” qəzeti hər bir millətin doğru və haqq sözünü qəbul edib çap elər. Hətta Peterburq və Moskvada da belə qəzetlər çox var. Kaş yazan olsun! Niyə yazmırlar? * * * “Tiflisski listok” qəzetinin yalançı müxbiri “Aşin” imzası ilə guya İstambuldan yazır ki, “Osmanlı sərhəddinə yavıq olan Rusiya müsəlmanları Osmanlı hökumətinin Qafqaza daxil olmağına çox şaddırlar və hətta indidən hazırlaşırlar ki, Osmanlı qoşunlarına qonaqlıq versinlər”. Söz yox, cənab müxbir bunu çox yaxşı bilir ki, məsələn, bütün İrəvan quberniyasında analarımız uşaqlarına acıqlanıb söyəndə deyirlər: “Ay osmanlı oğlu osmanlı”. Müxbir bunu yaxşı bilir; amma niyə yazmır, bunu da yaxşı bilir. Əgər müxbir bilsəydi ki, müsəlmanların rusca təlim tapmışları bunun yalanlarını bir-bir rədd eləyib, bunun bicliyini isbat eləyəcək, – əlbəttə, müxbir bu böhtanlarını bu qırmızılıqda yazmazdı. Amma müxbir bunu çox əcəb bilir ki, müsəlmanlardan səs çıxmayacaq: “Bər nəyayəd zikoştəgan avaz”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 fevral 1908, №8 * * * Mikroblar Elə həmin sözlərdir ki, eşidirik. Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə həmin sözlərdir ki, ha eşidirik; məsələn, hər bir rastımıza gələn qəzeti açıb oxuyaq: “Qərinələrlə məst olub cəhalətə uyuduq, nə gördük, nə qazandıq? Hansı günümüzü xoş keçirdik? Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? Xaricilər desələr “biz elm oxuyub sənət öyrəndik, insaniyyət hüququnu anlayıb bir-birimizə rəhm etdik, adam öldürməkdən qaçıb yetimə və fəqir-füqəraya kömək etdik və övladımızı oxudub bizdən sonra gələnlər üçün ruzi yolu göstərdik, siz nə elədiniz?” – biz hansı xoş əməllərimizlə onlara cavab verək?” və ilax. Elə haman sözlərdir ki, rus-yapon davasından indiyədək eşidirik… Elə həmin sözlərdir. İndi müsəlman qardaş da bu cür sözləri eşidəndə, dinməz söyləməz qəzeti bükür qoyur kənara və “eh!” deyib durur gedir işinə. Və çox əcəb eləyir; ondan ötrü ki, bunların hamısına bizim məhəllədə deyərlər “boş-boş danışmaq”. Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, “sənin azarın, məsələn, qızdırmadır, yainki, boğaz ağrısıdır”. Əgər həkim bircə bu sözləri deyəndən sonra, durub qoyub getsə və azarlıya bir müalicə yolu göstərməsə, biz həkimə çert qəpik də vermərik; amma həkim azarlının azarını biləndən sonra, qızdırmaya xinə verir, boğazı ağrıyanın boğazına “yod” sürtür, xolera tutana “butin” davası verir, yaralının yarasına “yodoform” sürtür. Bu davaların cümləsi bir növ zəhərdir ki, azarlının bədəninə daxil olanda naxoşluğun mikroblarını, yəni naxoşluğa səbəb olan həşəratı puça çıxardır ki, axırda azarlı şəfa tapır. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşayırlar həmin təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. * * * Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormaqdadır və məhz bu həşəratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam edən! “Nicat, nicat” deməklə nicat yolu öz-özünə tapılmaz! “Məktəb, məktəb” deməklə məktəb öz-özünə açılmaz və açılsa da, “Cameyi-Abbas” kitabından savayı orada bir özgə dərs verilməz. Müftə-müftə “nicat”, “məktəb” deməklə “Fatıya tuman olmaz!” Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə gözyaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 mart 1908, №9 * * * İran işləri İran kimindir? Tutaq ki, sən deyəcəksən “İran İranındır”. Əgər sən belə desən, mən də səndən soruşaram ki, əgər İran İranındır, bəs İranın Culfa gömrükxanası kimindir? Sən cavab versən ki, İranındır, mən də sənə deyərəm, bəs niyə gömrükxananın rəisi xaricilərin bayramını tətil eləyir, amma müsəlmanın ən möhtərəm bayramında gömrükxana açıq olur? Qorxuram sən soruşasan ki, niyə bəs gömrükxanada işləyəndə hamballar rəisə şikayət etmirlər? Mən sənə cavab verərəm ki, hamballar şikayət eləyirlər, amma nə rəis hambalların dilini bilir, nə hamballar rəisin. Soruşacaqsan ki, bəs orada mütərcim yoxdur? Mən sənə cavab verrəm ki, mütərcimi ondan ötrü qoyublar ki, hambalları anbarlarda həbs eliyəndə mütərcim dilmanclıq eləsin. Soruşacaqsan ki, gömrükxananın anbarları o dərəcədə rütubətlidir ki, tacirlər ora mal qoymurlar ki, çürüməsin, nə tövr orada insanı həbs etmək olar? Olar, olar, əzizim, mal çürüyər, amma hambal çürüməz. Hələ bu mətləb qalsın. Sən deyirsən ki, İran İranındır. Çox gözəl. Bəs Astaradan Ərdəbilə gedən Müzəffəri yolu kimindir? Sən deyəcəksən ki, İranın “Şirkəti-ümumi”sinin yoludur. Mən də deyirəm ki, xeyr, bu yol Rusiya təbəsi Vurtmanındır. Sən soruşacaqsan ki, bu necə olan işdir? Mən deyəcəyəm ki, İran quldurlarından bir nəfər Hacı Həsən ağa Məlikov saxta vəkalətnamə ilə bu yolu satıb Vurtmana və əvəzində bir az rüşvət alıb və halonki Vurtman ildə həştad min manat icarə verə-verə ildə dörd yüz min manat bu yoldan mədaxil götürür. Sən soruşacaqsan ki, bəs Ərdəbildə əyləşən və cənnətin açarlarını ciblərinə qoyan millət sahibləri nəyə məşğuldurlar? Niyə məşğuldurlar? Məsələn, Dağıstanda nicat nüsxələri paylayan müqəddəslər nəyə məşğuldurlar? Bunlar məşğuldurlar avam camaata vəz etməyə ki, məsələn, hər kəs uşağını rus dərsinə qoysa, yeddi arxası cəhənnəm əhlidir, hər kəs polad qələmlə yazı yazsa, cəhənnəmdə onun hər bir barmağından bir ilan asılacaq, hər kəs əcnəbi dili danışsa və paltarını avropalıların paltarınaoxşatsa, cəhənnəmdə onun dili qursağından aşağı düşəcək, hər kəs qəzet oxusa, istəyir müsəlman qəzeti, istər qeyri bir dildə qiyamət günü ona şəfaətçi olmayacaq. * * * Bəs əzizim, dəxi demə ki, İran İranındır! Xeyr! İran indi Təbrizdə Mir Haşımındır, Ərdəbildə Rəşidülmülkündür, Tehranda Şeyx Sadığındır. Lağlağı “Molla Nəsrəddin”, 2 mart 1908, №9 * * * Din məsələsi Qonşumuz Kərbəlayı Heydərin iki oğlu var idi: biri doğma oğlu Qasım, – səkkiz yaşında, biri də ögey oğlu Nəcəfqulu, – on yaşında. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşardıq. Mən on yeddi yaşında idim və elə olurdu ki, hərdənbir Qasımı da döyərdim, hərdənbir Nəcəfqulunu döyərdim. Qasımı döyəndə uşaq əllərini gözlərinin üstünə basıb ağlayaağlaya qaçardı dədəsinin üstə və şikayət edərdi. Kərbəlayı Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. Bir dəfə az qaldı qulağımın biri dibindən çıxsın. Amma Nəcəfqulunu da hərdənbir döyərdim və bu da qaçardı dədəliyinə şikayətə. Kərbəlayı Heydər əmi çıxardı küçə qapısına, sağ əlinin şəhadət barmağını yuxarı qovzayıb, ancaq mənə bircə bunu deyərdi ki: “Qırışmal! Uşağı döymə!”. * * * Bilmirəm, haradan danışmaq istəyirdim, yadımdan çıxdı… Hə, din məsələsindən danışıram. Rus qəzetlərində oxuyuruq ki, Rusiya vəziri dinləri bihörmət edənlər üçün iki cür tənbeh qoymaq istəyir: xaçpərəst dinini təhqir edənlərə artıq tənbeh olunacaq, amma qeyri dinləri təhqir edənlərə yüngül tənbeh olunacaq (söz yox ki, bu cümləyə müsəlman dini də daxildir). Qəzetlər yazırlar ki, padşahlıq duma vəzirin həmin qanunaməsini təsdiq eləyir. Əgər bir qara saldat gəlib dura bir müsəlman baqqalının dükanının qabağında və deyə ki, məsələn, “mənim dinim səninkindən yaxşıdır”, biz gərək bunun sözünə etina eləməyək, çünki bu avam və nadan bir saldatdır. Buna bir ovuc kişmiş, ya bir papiros vercək “spasibo” – deyib qoyub gedər. Amma padşahlıq dumada əyləşən üzvlərin çoxu elmli və tərbiyəli adamlardır. Bəs bunların din barəsində etdiyi rəftarını hara yazaq? Bu məsələni bu saat yaza-yaza qonşumuz rəhmətlik Kərbəlayı Heydər yadıma düşür: doğma oğlunu döyəndə qulaqlarımı elə çəkərdi ki, az qalardı dibindən çıxsın; amma ögey oğlunu döyəndə ancaq mənə deyərdi: “qırışmal!”. O vədə bu işləri başa düşmürdüm; Çünki on yeddi yaşında idim. On yeddi yaşında müsəlman uşağı nə başa düşəcək? Amma indi başa düşürəm. İndi üçüncü dumanı görürəm və bu işləri də bir az başa düşürəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 mart 1908, №10 * * * Bakı müsəlmanları Ay gözüm Bakı müsəlmanları, ahay igidlər, yaşasın Bakı müsəlmanları! Ay, hay, ho, ho!.. Hay, can, Bakı müsəlmanları! İgidin adı gərək. Məsələn, necə ki, deyirlər: “Flankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. Canımsınız, Bakı müsəlmanları, indi tamam Rusiyada hər nə danışıq var, hər nə söhbət və bəhs var, – hamısı sizin barənizdədir. Demək ki, illərlə çəkdiyiniz zəhmətləriniz, əməyiniz, çaylara tökdüyünüz müsəlman qanları puça çıxmadı; yenə hər nə isə bir səmərə bağışladı. “Novoye vremya” qəzetində Menşikov yazır ki, Bakı müsəlmanları pis adamdırlar; ondan ötrü ki, hər gün küçə və bazarda parta-part salıb bir-birini qırırlar və qoymurlar ruslar öz evlərində rahat yatsınlar. Menşikov yazır ki, “Bakı müsəlmanları hərçənd gecə və gündüz birbirini qırmaqdadır, amma bunların əsl fikri o deyil ki, yəni axırda birbirini lap qırıb qurtarsınlar, xeyr, bunların fikri budur ki, “parta-part” səsi ilə rusları narahat eləsinlər və axırda ruslar da bunlardan bir az inciyib Bakıdan çıxıb getsinlər”. Budur Menşikov yazan! Yəni bundan bu çıxır ki, qurban qanı kimi axan müsəlman qanı ilə Menşikovun işi yoxdur, ancaq onun yazığı ruslara gəlir ki, “partapart”dan rahatsız olub, gecələr yaxşı yuxluya bilmirlər. Hələ ki, bu bəsdi, əgər saat xoş olsa, gələn nömrədə yenə bu barədə bir az danışarıq. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 mart 1908, №11 * * * Ana dili Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür. Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır: “Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir desin ki, “İranda camaat şahdan narazıdır”. Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” yazırlar. Və bunların adını da qoyurlar “ana dili”. Yazıq analarımız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli... Cırcırama “Molla Nəsrəddin”, 16 mart 1908, №11 * * * Murdar İrəvan şəhərinin yavıqlığında Toxmaxangöl adlı müsəlman kəndinin dağılmaq xəbərini “Zaqafqaziya” qəzetində oxuduq. Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman, şəhər yerini icarəyə götürüb, başlayıblar əkinçiliklə güzəran eləməyə və həmin yerdə dam-daş tikdirib, bir balaca kənd salıblar. İndi şəhər idarəsi müsəlmanlara deyir ki, “çəkilin gedin buradan!”. Kəndlilər soruşurlar ki, “biz ki, icarə pulunu tamam-kamal veririk, nədir bizim günahımız ki, bizi kəndimizdən qovursunuz?”. Şəhər idarəsi cavab verir ki, “kefimiz belə istəyir”. Müsəlmanlar möhlət istəyirlər ki, özlərinə bir özgə yer tapsınlar və evlərini öz əllərilə söküb dirək-pərdilərini və akoşkalarını çıxardıb aparsınlar. İdarə möhlət vermir və bir neçə gün bundan qabaq bir dəstə adam göndərib kəndi dağıdır. Müsəlmanlar qaçırlar İrəvana ki, İrəvan müsəlmanlarından haray istəsinlər. Amma görürlər ki, cavan bəyzadə və xanzadələr dəstə-dəstə faytona minib, gedirlər vağzala ki, Tiflisdən gələn rus qızlarını faytona mindirib aparsınlar kefə. Kəndlilər hər bir tacirin və hacı-məşədinin yanına gedirlər ki, sözlərini desinlər, – hamısı bunlara cavab verir ki, “itil cəhənnəmə!”. Sonra kəndlilər gedirlər məscid çarsusuna və görürlər ki, camaat məscidə tərəf hücum çəkib. Kəndlilər də camaatın dalınca gedirlər göy məscidə ki, bəlkə orada bunlara bir tədbir tökən ola. Şəhərin vaizi çıxır minbərə və üzünü camaata tutub deyir: “Taleyi cövza – yəni müsəlman bəndələrin bəzisi cövza taleyində olurlar; yəni hər kəs ki, cövza taleyindədir, xoşbəxt adamdır və həmişə xoşbəxtlik ilə gününü keçirir, amma bu şərt ilə ki, ürəyində olan dərdini heç kəsə söyləməsin; ondan ötrü ki, dərdlərə dərman edən tək bir Allahdır və bəndəyə dərdi söyləməklə heç bir əlac ola bilməz!”. Toxmaxangölü dağıtdılar. Deyirlər ki, həmin gün yağış yağırdı, hava da bərk soyuq idi. Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə. Balaca uşaqlar ayaqyalın, titrəyə-titrəyə və ağlaya-ağlaya pərən-pərən düşmüşdülər. İrəvanda yaşayan müsəlman qardaşlar bunu bilirlər; dəxi onlara bizim deməyə bir sözümüz yoxdur. Amma biz qeyri yerlərdə olan müsəlman qardaşlara istəyirik bir neçə söz deyək: – Kəndlilər İrəvan şəhərini başdan-axıra kimi gəzib hər bir müsəlmana ki, pənah gətirdilər, hamısı cavab verdi ki, “itil cəhənnəmə, mənə nə borcdur!” Amma bu saat İrəvanda çox mömünlər var ki, “Molla Nəsrəddini” ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, “al bunu, oxu görək Molla nə yazır”. Cavan soruşur ki, “niyə özün oxumursan?!”. Mömün cavab verir ki, “murdardı”. * * * Yer üzündə mənim xəyalıma heç bir millət gəlmir ki, onun gözünün qabağında qardaşlarının kəndini dağıdıb övrət-uşağı çölə tökələr və o millət kənardan durub baxa. Ölmədik, bunu da gördük!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 mart 1908, №13 * * * Divar Şükr olsun Allaha ki, şeytanların bərəkətindən Gəncə şəhəri bir elə hala düşüb ki, müsəlmanlar şəhərdən baş götürüb qaçmaq istəyirlər. Əhvalat belədir ki, müsəlmanların bədxahları hökumətə danos veriblər ki, Gəncənin cənub tərəfindəki dağ kəndlərində müsəlmanlar çoxluca tüfəng və azuqə yığıblar ki, dava başlananda həmin tüfəngləri və azuqəni müsəlmanlar versinlər osmanlı qoşununa. Bu danosa görə hökumət qoşun götürüb, gedib haman müsəlman kəndlərini hətta qəbrlərinə kimi söküb axtarıb və bir şey tapmayıb. Çox şükr olsun Allaha! Biz qəlbən şükr edirik ki, müsəlmanların başına belə-belə işlər gətirirlər. Şirin yuxunun xasiyyətidir: bərk yatanı çağırmaq ilə ayılmaz. Bir təpik vursan gərnəşər, ikinci təpikdə gözlərini açar, amma üçüncü təpikdə durar ayağa. Əgər tarixə nəzər etsək, baxıb görərik ki, yer üzündə millətlərin çoxunun ayılmağı “təpik” qanunu ilə əmələ gəlib. Götürək Allahın “kitay” tayfasını. Dörd min ildir ki, kitaylı qardaşlarımız şirin yuxuda idilər. Miladiyyə tarixindən iki yüz altı il qabaq, kitaylılar məmləkətlərinin ətrafına uca və enli divar çəkdilər ki, əcnəbi tayfalar gəlib bunları şirin yuxudan oyatmasınlar; çünki bilirdilər ki, həmişə duran öküz yatan öküzün başını ayaqlar. Biz müsəlmanlar da ətrafımıza bir divar çəkmişik və bütün aləmi nəcis və özümüzü güldəstə reyhan hesab edib, istəmirik bu divarı aşıb keçək kənara və görək nə var, nə yox dünyada. Amma bunu hər dəqiqə və həmişə unuduruq ki, həmin divar məhz özümüzə bir hasardır. Unuduruq ki, bu divardan əcnəbi millətlər çox asanlıq ilə aşıb biz yatanları bastalayacaqlar. Həmçinin Kitay divarı. Milyonlarla tikilmiş Kitay divarını əvvəl dəfə miladi tarixinin min iki yüz həştadıncı ilində Çingizxan aşıb qoşunu tökdü və yatmış kitaylıları əzdi. Bu əvvəlinci təpik idi ki, yatmışları gərnədirdi. Min altı yüz qırx dördüncü tarixdə mancur tayfası tökülüb kitaylıları kötəklədi. İkinci təpikdə kitaylılar gözlərini açdılar. Üçüncü təpiyi bunlara vuran yaponlar oldular ki, min səkkiz yüz doxsan altıncı ildə dava eləyib kitaylıları tapdaladılar. Üçuncu təpikdən sonra kitaylılar durdular ayağa. İndi bunlar bir dərəcədə tərəqqiyə üz qoyublar ki, Avropanın cəmi hökumətlərini qorxuya salıblar. Və məhz bu səbəbə Gəncə şeytanlarının danoslarına və bu danosların ucundan başımıza gələn qəzavü qədərə biz sidq-dildən şükr edirik. Bəlkə belə-belə təpiklər bizim kor gözlərimizi açalar; açalar o gözlərimizi ki, indiyədək xumarlanmaqdadırlar. Bəlkə Gəncə düşmənlərimizin bərəkətindən gözümüzü açıb görək ki, ətrafımıza çəkdiyimiz divarın içində qoxumuş batlaqların üfunətindən əmələ gələn həşərat, min illərdir qanımızı sormaqdadır; bəlkə görək ki, hər kənddə və hər şəhərdə bir “peyğəmbər” zühur edib dərimizi soymaqdadır; bəlkə görək ki, Qaxayda hacı şeyx məhəmmədlər, Ərəşdə səmədlər, Şamaxı mahalında Həmid paşalar, kürdəmirli şeyx mustafalar, Süleyman ustalar, Gəncədə seyidlər, Qubada şeyx mahmudlar, Qazaxda, Şəkidə, Dağıstanda “müqəddəs” lotular özlərini “şeyx” adlandırıb, cəvanə övrətlərimizi elə salmaqda və kişilərimizin ciblərini boşaltmaqdadırlar. Məhz bu səbəbdən Gəncə şeytanlarının müsəlmanlara etdikləri zülmlərinə minlərcə şükr edirik. Nə qədər ki, gözlər yuxudadırlar, heç bir şey görməzlər, amma açılandan sonra çox şey görərlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 aprel 1908, №14 * * * Filosoflar Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər. Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz. Şükr edirəm Allaha ki, təzə yazıçılarımızın bərəkətindən mənim gözlərim açıldı və o şeyləri ki, mən bilmirdim, – indi bildim. Yoxsa mənim Qərb övrətləri barəsində olan zənnim həqiqətdə batil imiş; mən onların xüsusunda səhv eləyirmişəm. Mən indiyə kimi elə bilirdim ki, doğrudur, Avropa övrətlərinin hamısı fahişədirlər, amma onların içində yenə heç olmasa, bir nəfər Janna d‘Ark adında frəng qızı əlində şəmşir cihada çıxıb, Frəngistan vətənini düşmənlərin hücumundan mühafizə edibdir. Əfsus, əfsus! İndi məlum olur ki, bu da fahişə imiş! 1885-ci ildə, günlərin birində bolqar müəllimlərindən cavan bir qız əlinə qırmızı bayraq alıb şəhərin meydanına çıxdı və vətənpərvəranə nitqlərlə bolqarları elə həyəcana gətirdi ki, iki-üç saat içində başına iyirmi mindən artıq fədayi yığıldı və həmin fədayilərlə osmanlı məmurlarının üstə hücum çəkib, cümləsini qovdu və Rumeli şərqi vilayətinin osmanlı əlindən çıxıb Bolqariyaya keçməyinə bais oldu. Heyif ki, bizim mühərrirlərimiz deyirlər bu da fahişədir! Mən indiyə kimi belə bilərdim ki, Rusiya övrətləri doğrudur, hamısı ismətsiz və vəfasızdırlar, amma onların içində heç olmasa yenə Volkonskaya, yainki Trubetskaya kimi bir-iki övrət öz ərlərinə nisbət vəfalı olublar və ərlərini hökumət katorqa tənbehi üçün Sibirə göndərəndə bunların övrətləri də Rus padşahından nə zəhmətlərlə izn alıb, nə müsibətlərlə Sibirə gedib və nə bədbəxtliklər ilə Sibir həbsxanalarında ərləri ilə bərabər ömrlərini başa veriblər. Və halonki, hər birisi dövlətli kişinin qızı ola-ola eləyə bilərdi ki, ərindən boşanıb, bir özgəsinə getsin və buna da Rusiya qanunları həmişə yol verir. Heyif, heyif! İndi məlum olur ki, bu övrətlər də fahişə imişlər! Mən bilirəm ki, Qərb övrətləri, doğrudur, hamısı namus və ismətsiz övrətlərdir; amma elə güman eləyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. Bunların adlarını əgər başlayaq yazmağa, – gərək o vədə bir yekə kitab çap eləyək. Bu da bizlərə nə lazım? Ax, ax!.. Mən nə böyük səhv eləyirmişəm! İndi filosoflarımız sübuta yetirirlər ki, Qərb övrətlərinin cümləsi fahişədirlər. Ax, ax!!! Mənim dünyadan xəbərim yox imiş!!! Mənim yadımdadır ki, “hüquqi-nisvan” məsələsi Avropada çox danışılıb. Hələ nəinki qəzetlərdə danışılıb, hətta bu məsələni müzakirə edən Avropa alimləri böyük kitablar bağlayıblar. Məşhur Kant ilə Con Mil adında Avropa filosoflarının övrət məsələsinə dair yazıları yekə bir kitab şəklində Avropa dillərinin hamısına tərcümə olunub. İndi mən Avropa filosofları ilə bizim müsəlman filosoflarının yazdıqlarını tutuşdururam və mənim nəzərimə bir neçə şey gəlir: Əvvələn, övrət məsələsi barəsində Avropada söz danışan alimlər bütün Avropa və Amerikada məşhur filosoflardır ki, kitabları bir neçə dilə tərcümə olunub, amma bizim içimizdə axır vaxtlarda övrət məsələsini kəşf eləyənlər məhz baqqallarla növhəxanlarımızdır ki, indiyə kimi onların adları yazıçılıqda heç öz məhəllə əhlinə də məlum edyil. İkinci Avropa filosofları övrət məsələsini danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barəsində ədəbsizliklə və xarlıqla danışmayıblar; amma bizim filosofların yazıları başdan-axıra kimi Qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır. Üçüncü, Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir güşəsindən xəbər verirlər; amma bizim filosofların yazdıqlarını oxuyanda adam elə bilir ki, deyəsən bunlar Bakı və Tiflis şəhərlərinin gecələr qaranlıq küçələrində gəzən bir para kefli… arvadlardan savayı, dünyada heç bir özgə övrət görməyiblər. Və yəqin ki, görməyiblər! Vəssalam! Uzun danışmaq Lağlağının peşəsidir. Odur ki, bir sözüm də qaldı, onu da müxtəsər deyəcəyəm: mollaya yaraşan “şəkkiyyat” və “təyəmmüm”dən vəz etməkdir, amma filosofluq da – filosofların işidir. Rəhmətlik Agəhi yaxşı deyib: Dər cahan dəh çiz dişvarəst nəzdi-Agəhi: Ləhni-sövti-biüsulan, bəhsi-elmi-əbləhan. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 aprel 1908, №15 * * * Çanaq İran vüquatına dair Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”. İran fabrikalarından çıxan risalələri və təqvimləri görəndə mən həmişə demişəm ki, vətəni düşmənlərdən mühafizə eləməyə bu tayfanın qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”. Və iranlılar barəsində mən bu sözü yenə deyirəm. Amma söz burasındadır ki, bu fikir təzə bir fikir deyil, bu söz köhnə sözdür və ola bilər ki, çoxları bu əqidəyə şərik olmayalar və lakin ümid bunadır ki çoxları da bu fikri təsdiq eləyələr. Və çünki bu söz təzə bir söz deyil, heç mən də bu sözün üstə çox dayanıb uzun-uzadı danışmaq istəmirəm… Bəli, köhnə danışıqlar qalsın kənarda, amma mənim beynimə təzə bir mətləb damıb. Və bunu da möhtərəm oxuculara istəyirəm ərz edəm. Mən deyirəm ki, İranın bu məqama düşməyinin bir səbəbi də budur ki, iranlılar gecə evdə yatanda papaqlarını başlarından çıxartmırlar, bunun da nəticəsi bu olur ki, mürurla iranlıların başlarının çanağı nazikləşir və kiçilir. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləşməyə və kiçilməyə başlayır. Demək ki, yenə gəlib çıxdıq “papaq” məsələsinə. Və əgər bəzi şəxslərə həmin məsələ əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kəmali-cürət ilə deyə bilərik ki, zəmanəmizin politikaçıları İran vüquatını müzakirə edən vaxt gərək bir tük qədəri də “papaq” məsələsindən kənara çıxmasınlar. * * * Məlumdur ki, yer üzündə müsəlman tayfaları qeyri millətlərin hamısından yekə papaq başlarına qoyurlar və papaqları nə yay fəslinin istisində, nə də gecə yorğan-döşəkdə yatan vaxt başlarından çıxardırlar. Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki, lazımdır, əyandır, dəxi bu barədə artıq baş ağrısı lazım deyil. Ancaq burada bunu istəyirik bilək ki, aya bu papaqlar hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur. Burada rəy iki cürdür: Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar quran oxumağa. Quran çıxanda “əlif-lam” surəsini, “xətəmallah” ayəsini oxuyanda mollalar uşaqların başına qapaz vurublar və axırda uşaqlar da məcbur olublar yekə papaq qoymağa ki, mollanın şapalağı uşağın başına kar eləməsin. Amma tarixə nəzər eləsək, baxıb görərik ki, bu rəyin əsli yoxdur. Ondan ötrü ki, hələ qədim farslar başlarına yekə papaq qoyarmışlar və yay fəsli və habelə gecə yatanda başlarından çıxartmazmışlar. Tarixşünaslara gərək məlum ola ki, məşhur yunan tarix yazanı Herodot İsanın təvəllüdündən dörd yüz əlli il qabaq Misrə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyilə tanıyıb və bu nazikliyi yekə və bərk papaqların təsirindən görüb. Dəxi qədim əsərlər, nişanələr, surətlər və qeyri müvərrixlər də bu ikinci rəyi təsdiq eləyirlər. * * * Bu işləri belə görəndə mən indi öz-özümə hərdənbir belə deyirəm: hər bir İran ruznaməsini indi açırsan və görürsən ki, elə hey çığırıb bağırırlar: “Ay haray, qoymayın, özgə millətlərdən geri qaldıq! Qardaşlar, yığışın elm oxuyaq, ta ki, biz də qabağa gedək və əcnəbi millətlərə pamal olmayaq”. Bu sözlər çox gözəl! Amma bircə söz burada əksikdir: gərək başlarımızın çanağını da bərkitmək fikrində olaq ki, təhsil elədiyimiz elmlər buğlanıb havaya uçmasınlar. Bəli, “papaq” məsələsini səhl saymaq olmaz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 aprel 1908, №17 * * * Ziyarət Sən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını? Həyə eşidibsən – heç, həyə eşitməyibsən, elədə bəs necə deyirsən ki, mənim qulağım var? Bir gün oturmuşdum, nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu piyan adama, amma mən getmək istəmirəm”. Haman saat çarşabı başıma atıb qaçdım yeznəmgilə və başladım nəsihəti ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qıza necə heyifin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən”. Xülasə, başa gəlmədi, yəni yeznəm sözümü qəbul eləmədi. * * * Bəs sən deyirsən ki, “mənim qulağım var, hər şeyi eşidirəm?” Bəs sən hər şeyi eşidirsən, elədə de görüm, niyə bu əhvalatı eşitməyibsən? Əlacım kəsilib nəvəm Güllüyə dedim: “balam, bunun özgə çarəsi yoxdu, dur səni xəlvətcə aparım başımızın, ölümüzün və dirimizin sahibi şəriətmədar Hacı Seyid Ağagilə, çünki o bir əmin, dindar və etibarlı vücuddur və ondan başqa bir ümidgahımız yoxdur. Nəvəm Güllü razı oldu. Bəs əgər sənin hər bir şeyi eşitməyə qulağın var, nə səbəbə bu fəqərəni eşitməyibsən? Nəvəm Güllünü aparıb qoydum Hacı Seyid Ağagildə və ağanın ayaqlarına düşüb yalvardım ki, bir neçə gün mənim nəvəmi saxlasın, Amma bunu da deyim ki, Güllü nə Güllü, Allah sizə də belə nəvə qismət eləsin: ətli, qanlı, sərv qamətli, saçlı, boylu-buxunlu, özü də yengi yetişmə, yanaqları elə bil ki, Zünuz alması, “sənəmi-sərvqədü laləüzar və...”. Xülasə. Sən deyirsən ki, “mənim gözüm var və hər şeyi görürəm”. Bəs bir surətdə ki, sənin gözün var, niyə bu işləri görmürsən? Bəs sən ki, bunları görmürsən, bir de görüm, nəyi görürsən? Belə məlum olur ki, sən bircə əba və ridanı görürsən. Müxtəsər, mən evə qayıdandan sonra Hacı Ağa bir qədər nəvəmə tamaşa edib qıza deyir: “Qızım, əvvəla sən xatircəm ol ki, mən heç kəsə sənin nikahını oxumanam, əgər razılığın olmasa. Və ikinci də budur, sənin burada qalmağın şəriət üzrə dürüst deyil, ya gərək buradan çıxıb gedəsən, ya da ki mən gərək sənə bir siğə oxuyam ki, mənə məhrəm olasan və bunu da görürsən ki, mənim övrətim gedib Kərbəlaya ziyarətə və övrətim gələnə kimi sən də mənə qulluq elərsən, həm Allah səndən razı olar, həmi də peyğəmbər”. Vəssalam. Dəxi də bir sən mənə demə ki, mənim qulaqlarım var eşitməkdən ötrü və gözlərim var görməkdən ötrü. Görsənən budur ki, sən bircə əba və qəbanı görürsən və “Ənin boğazdan gələn məxrəcini eşidirsən”. Görsənən budur ki, dəxi bundan başqa sən nə bir şey görürsən, nə də bir şey eşidirsən. Haman gün nəvəm Güllü başmaqlarını da Seyid Ağaya qurban edib ayaqyalın qaçıb gəldi mənim yanıma. Bəs sən deyirsən “mənim gözüm var”? Bəs deyirsən “mənim qulağım var”? Bə hanı?... Nağıl eləyib Məşədi “Xakəndaz”, Yazıya götürüb “Lağlağı” “Molla Nəsrəddin”, 28 aprel 1908, №17 * * * Qurtarıb Dünyada heç bir şey bir qərarda qalmır. Ay, gün, yer, ulduzlar və biz gördüyümüz aydan, gündən, yerdən və ulduzlardan savayı genə milyon-milyon bu tövr aylar və ulduzlar, yerlər və günlər var ki, milyon-milyon illərin müddətinə hərəkətdədirlər. Deyirlər ki, yer durub – yalandı. Deyirlər ki, gün durub amma yer hərəkətdədir – bu da yalandı. Xülasə, dünyada tək bircə Ordubad şəhərindən savayı heç bir şey yoxdur ki, hərəkətdə olmasın. Bir vaxt var idi ki, Vladiqafqazda iranlıların məscidinin yanında mədrəsə üçün bir böyük otaq var idi; amma illər dolandı, aylar fırlandı, ulduzlar axdı, gün çıxdı və çıxandan sonra genə batdı və genə çıxdı və axırda axund hacı Molla İsmayıl cənabları haman mədrəsə otağını aradan kəsib yarısını dükan elədi. Sonra genə fələklər başladılar hərəkət eləməyə, çaylar üz qoydular axmağa və haman yarım otaqda bir mədrəsə binası qoyuldu və Baxışbəy Köçərliyə ayda on beş manat (maşallah) məvacib verirdilər ki, bu mədrəsədə dərs desin. Bir övqat da belə keçdi, amma çünki dünyada heç bir şey baqi deyil, iş də baqi ola bilməzdi. On səkkiz ay bu mədrəsə davam etdi və bu onu səkkiz ayın müddətində cənab Köçərli hər gün mədrəsəyə ayaq döydü və hər gün gəlib dərs dedi. İndi müəllim cənablarına mədrəsə tərəfindən xəbər veriblər ki, mədrəsənin pulu qurtarıb və dəxi zəhmət çəkib dərs deməsin. Doğrudan, yəni insafı araya qoyub danışaq, bu qədər də məvacib olar? Ayda on beş manatı kim eşidib? Məgər bunun öhdəsindən gəlmək olar? Hərçənd Köçərli cənabları cavab verib ki, elə pulsuz da gəlib dərs deməyə hazırdır, amma çi fayda ki, dünyada heç bir şeyin axırı yoxdu və yəqin ki, bunun da axırı olmayacaq. Məhz burasını başa düşmək olmur ki, biz müsəlmanların içində çox xərclər var ki, on minlərcə pul sərf olunur və nədənsə Allah yetirir. Heç qurtarmır. Amma bu zəhrimar mədrəsə və qiraətxananın pulu bircə ilin müddətində qurtarır. Gəncəliyə rast gəlirsən və soruşursan – dram cəmiyyətinizin kefi necədi? Cavab verir ki, pulu qurtarıb. İrəvanlı, naxçıvanlı, şəki və şirvanlı, batum və dağıstanlı, rusiya və iranlı, qarabağlı, gözü qanlı, gözümsən a səlyanlı... məktəb – pulu qurtarıb. Qiraətxana – pulu qurtarıb. Danabaş kəndində hər kəsdən soruşursan ki, adın nədir, deyir hacı, adın nədi – məşədi, adın nədi – kərbəlayı. Keçən il bircə Danabaş kəndindən otuz yeddi nəfər adam getmişdilər Məkkə ziyarətinə, amma qayıdan baş hamısının pulu yolda qurtarmışdı, yəni onu demək istəyirəm ki, müsəlmanların çoxu kasıb adamdır. Dəxi yazıqlar nə tövr məktəb və qiraətxana saxlasındar və ayda on beş manat müəllimə versinlər. Bir ay deyil, iki ay deyil. Əgər belə getsə, bir az çəkməz ki, Rusiyada və Qafqazda nə qədər müsəlman məktəbi və qiraətxanası və cəmiyyəti-xeyriyyəsi və özgə bir cəmiyyətləri var – hamısının pulu qurtaracaq. Şükr Allaha ki, İranda heç zad yoxdu. Yoxsa iranlı qardaşlarımız da bir ildən sonra “qurtarıb” dərdinə mübtəla olacaq idilər. Dəxi heç bilmirəm bundan artıq nə deyim! Cünun “Molla Nəsrəddin”, 5 may 1908, №18 * * * Dil Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm. Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər. Bu işlərə əvvəllər mən təəccüb elərdim, amma indi eləmirəm. Səbəbi var: Müsəlman yazıçılarından mənim bir nəfər dostum var ki, qabaqlarda mənə kağız yazanda həmişə türk dilində yazardı. Amma iki həftə bundan irəli haman dostumdan bir kağız aldım; bu kağız rusca yazılmışdı. Rəfiqimiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə və söhbət arasında axırıncı kağızını rusca yazmağının səbəbini soruşduq. Rəfiqimizin cavabını burada yazırıq ki, möhtərəm oxucularımız oxusunlar və oxuyandan sonra haman sözləri cib dəftərlərinə yazsınlar ki, bari bizdən sonra gələnlər üçün bir yadigar qalsın. Rəfiqimiz belə cavab verdi: – Cənab Molla Nəsrəddin, mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazıpozu eləməyi dəxi bilmərrə tərgitdim və buna iktifa eləməyib, evladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın. Mənim Fatma adında bir bacım var ki, həmişə anamla bir yerdə kəndimizdə olar. Bacımın beş yaşında bir azarlı oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həmi bir-iki ay bizə qonaq olsun, həmi də İrəvan həkimləri uşağa müalicə eləsinlər. Anam və bacımın əri İsmayıl bəy qalmışdılar kənddə. Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəylə gəldi İrəvana. Uşağı Russo həkim müalicə eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya. Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü”, yəni vəfat elədi; çünki molla bunu bilirmiş ki, bacım İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin və hamilə olmağını ya bilmirmiş, ya xəyalında deyil imiş. Əvvəl Molla Cəfər istəmir bu cür pis xəbəri anama yetirsin, hətta məndən narazı olub ki, qoca övrətə mən niyə bu tövr qəmli xəbəri yazıram. Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşduq, gördük qapı döyülür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam “bala vay!” deyib, özünü çırpdı yerə və bihuş oldu. Mən o saat işi duydum və bacımın böyük oğlunu və təzə doğduğu uşağı da gətirib qoyduq anamın qucağına. Handan-hana yazıq övrət gözlərini açdı və başladı uşaqların ikisini də öpüb qucaqlamağa. – Allah Molla Cəfərə insaf versin! – Allah müsəlman hürufatını da icad edənə rəhmət eləsin!.. Rəfiqim sözünü deyib qurtardı. Mən də sözümü qurtarıram və ancaq bunu demək istəyirəm: hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufatla yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. Amma hər kəs bu dillərin heç birində basavad deyil, – yəqin ki, bilməyəcək nə deyirik. * * * Əvvəl mən təəccüb eləyirdim ki, bir az rusca “net-pet” deyən cavanlarımız müsəlmanca basavad ola-ola rus dilində yazı yazır; amma indi dəxi təəccüb eləmirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1908, №19 * * * Anam-bacım O qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, – heç bir özgə millətdə yoxdur; məsələn, bir övrət ki, bu gün mən onu aldım, – sabah da ixtiyarım var boşayam. Kefim istər saxlaram, kefim istər boşaram. Dəxi bu aşkar bir işdir. Elə belə də gərək olsun və azadlıq da məhz buna deyiblər. Kefim istəyir saxlayıram, kefim istəmir boşayıram və heç bir kəsin haqqı yoxdur mənə desin: “Niyə arvadını boşamırsan?”, yainki “niyə arvadını boşayırsan?”. Və azadlıq da elə budur. Kefim istəyir saxlayıram, istəmir boşayıram. Amma nə cürsə, bizim içimizdə az ittifaq düşür ki, bir kişi övrətini boşamaq istəyəndə mərd-mərdanə desin ki, “mən səni boşayıram”. Çox vaxt görürsən ki, bir bəhanə ortalığa gəlir və axırda kişi övrəti o qədər incidir ki, övrət təngə gəlib, özü durub çarşovunu salır başına, gedir atası evinə. Əri də “şükr Allaha” – deyib, gedir molla yanına və övrəti boşayır. Bu da bəzi yerdə cürbəcür olur. Məsələn, Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, “məluna övrət mənim anamı söyür və məndən izn almamış həyətə çıxır” və bu bəhanəni əldə tutacaq edib övrəti beş-on gün salır kötəyin altına; axırda da övrət cana doyandan sonra çıxıb qaçır. Bakının Sabunçu kəndində də bir özgə cür rəftar olunur; burada kişi övrət boşamaq fikrinə düşəndə iki dəst rəxti-xabı verir arvadın dalına ki, “flan flanın qızı, bunlar köhnəlib, apar atan evinə, təzəsini al gətir!”. Xülasə, axırda övrət təşrif aparır. Vladiqafqazda da lap özgə sayaq olur: burada bir müsəlman övrətindən zəhləsi qaçanda gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. Söz yox, öləndən sonra kişinin canı bilmərrə qurtarır. İrəvanda, Naxçıvanda və İran məmləkətində övrət almaq adət deyil; çünki buralarda həmişə və hər cür övrət siğə etmək mümkündür, müddəti də bir saatdan üç ilə kimi. Nə cür meylin olsa, düzələr. Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir və halonki kişi övrəti boşamaqda muxtardır və o qədər azadlıq ki, biz müsəlmanlara verilib, millətlərin heç birinə verilməyib: Bu gün damağım çəkdi aldım, sabah kefim istədi boşadım – vəssəlam! Burada nə kötək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə. Allah bərəkət versin: nə çoxdur molla! Boşa qoysun getsin! Bizim məsləhətimiz. Ancaq bu məsələdə biz belə məsləhət görürük: söz yox, dünyada nə qədər gözəl övrət olmuş olsa, onun ləzzəti çoxu-çoxu bir aydır. Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəfə də onun alnından öp və mehribanlıqnan ona de: “Ay arvad, dəxi bundan sonra sən mənim anam-bacımsan, vəssəlam!”. Dəxi bundan savayı heç bir dava-mərəkə lazım deyil. Qərəz, bizim məsləhətimiz budur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 may 1908, №20 * * * Təfavüt İran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır. Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı. İstər İran olsun, istər Şamaxı – təfavütü yoxdur. İranda da Rza Sadığa zülm eləsə – keçib gedər, çünki Rusiya təbəəsidir, Şirvanda da zülm eləsə – keçib gedər, ondan ötrü Sadıq iranlıdır, qəribdir. Demək ki, burada məkanın təfavütü yoxdur. İranda da birdir, Şirvanda da birdir. İki ildir ki, Sadıq Şamaxıda Rzanın çörəkçi dükanında xəmir salırdı. Amma axırda istədi çıxsın və çıxıb getdi özgə dükana. Əhvalat uzundur və çoxları üçün lazım olmayan bir hekayətdir. Müxtəsər, axırda Sadığa bir neçə güllə dəydi. Amma Rzanın bacısı oğlunun əli bir az cızıldı. Niyə, nə səbəbə? O səbəbə ki, Sadıq Rzanın sözündən çıxdı və ömrünün axırına kimi Rzanın dükanında qalmadı. Və lakin heç təfavütü yoxdur; İran və yainki Şirvan. Əgər bu iş İranda da ittifaq düşsəydi, genə Sadığa zülm olunacaq idi, ondan ötrü ki, Rza Rusiya rəiyyətidir. Bundan da bu çıxır ki, Sadığın bədbəxtliyi məhz buradadır ki, İran rəiyyətidir. Bəs, qardaşlarım, İran ilə Şirvanın heç təfavütü yoxdur, amma iranlı ilə şirvanlının təfavütü çoxdur. İndi bizim əsrimizdə iranlı olmaq başa bəladır. Lağlağı “Molla Nəsrəddin”, 19 may 1908, №20 * * * Çuval Bir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə. – Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim. Elə ki, bir tərəfdən yamayırsan, görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayıb tökülməyə. – Ədə, çuvalduzu ver mənə. Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin üstünə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə. – Ədə, yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib. – Hoqquş, hoqquş… Qoyma, qoyma! Darı töküldü. * * * Osmanlı hökumətinin darı çuvalı o qədər çürüyüb ki, hər gün çuvalın bir yeri dəlinir. İndi təzə deşikdən Samos cəzirəsi istəyir tökülsün yerə. – Ədə, o çuvalduzu ver, bu deşiyi tikim. Və lakin bu zəhmətlərin hamısı nəticəsiz görsənir; ondan ötrü ki, çuval çox köhnəlib; köhnə çuvalda darını saxlamaq çətindir. Samos cəzirəsinin əhalisi yunan tayfasındandır ki, rusca bunlara “qrek” deyirlər. Hərçənd bu millət “pak millətlərdən” deyil; amma bunlar qeyrətli və ziyalı bir tayfadır. Bunlar yunandırlar. Bunlar elə bir tayfadır ki, əgər bunları təzə və möhkəm çuvalın içinə doldursan, bəlkə orada qala bilər. Amma Türkiyənin indiki çuvalında bunlar qala bilməzlər; ondan ötrü ki, çuval çürükdür. Osmanlıda tək bircə türk tayfası dinməz-söyləməz qala bilər. Bunun səbəbi budur ki, cırıq torbaya nə qədər ot və qanqalaq bassan tökülməz. Amma darı və buğda tökülər. * * * Xülaseyi-kəlam, dünyada hər bir millət ki, sultan Əbdülhəmidin təhti-təbəiyyətində yaşamağı özünə rəva görür, – bu millət qeyrətdən və insaniyyətdən bilmərrə gərək əl çəksin. Osmanlı idarəsinə səbr edib, osmanlı torpağında tək bircə türklər və bunlar kimi müsəlmanlar qala bilərlər; ondan ötrü ki, cırıq və dəlik çuvala nə qədər yovşan və küləş bassan, tökülməz. Amma erməni, slavyan, yunan və bu qism millətlər özlərini yox etməyə razı olarlar ki, sultan Əbdülhəmid kimi padşaha tabe olmasınlar. Bunun da hikməti buradadır ki, cırıq və yırtıq torbaya əgər darını və buğdanı doldursan, elə hey bir ucdan töküləcək. İstəsən də ki, dəliyi tikəsən, görəcəksən ki, bir özgə yerdən töküldü; çünki torba çürükdür. – Ədə, çuvalduzu ver, bu dəliyi tikim! Sonra baxıb görəcəksən ki, yenə bir ayrı yerdən tökülür; çünki çuval çürükdür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 may 1908, №21 * * * Dəllal Birisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi. Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar. “Kərbəlayı Cəfər, get Heydərbəyin atını al mənə, bir qırmızı onluq basaram ovcuna”. Birisinin gözü bir qıza düşəndə də həmişə bir dəllal lazım olur. Necə ki, at dəllalı, habelə də övrət dəllalı hər qədəmdə insana lazım olur. Bunların hər birisi olmasa, işlər yeriməz. “Kərbəlayı Cəfər, get filankəsin atını al mənə, sənə on manat verərəm”. Yainki: “Axund hacı Molla Ələsgər, filan qızı al mənə, bir kəllə göndərrəm qulluğuna”. Dəllal Kərbəlayı Cəfər gedib atı istəyir, amma Heydər bəy cavab verir ki, “söz vermişəm atı satam əmi oğlum Cahangirbəyə” – “A kişi, dəli olma, Cahangir bəy sənə pul verən deyil, atı götürüb aparar, pulunu bu gün-sabaha salar, axırda da deyər ki, “atanın atama arpa hesabından borcu var idi, vəssalam. Amma bu kişi nəqd adamdı. Ata da yaxşı qiymət verir”. Xülasə, dəllal atı alır. Və heyvan arpa yediyi yerdə dəllal pulları sayıb istəyir atı çıxartsın, hevan arpanı ağzından tökə-tökə genə başını soxur axıra ki, yeməyə məşğul olsun. Dəxi burada Kərbəlayı Cəfər atın üstünə pişik kimi sıçrayıb atın qarnından bir qamçı ilişdirib atı sürür küçəyə. Axund Hacı Molla Ələsgər də qızı çağırır yanına: “Bala, səni filankəs istəyir, sənə yaxşı paltar alacaq, yaxşıca toy eləyəcək”. Qız istəmir getsin. “Yox, yox, mən Bəhrambəyə gedəcəyəm, mən özgəsinə getməyəcəyəm”. “Kəs səsini, bihəya!”. Molla nikahı oxuyur, qızı itələyə-itələyə aparırlar filankəsin evinə. Bəlkə Kərbəlayı Cəfər olmasa idi, Heydər bəydən atı almaq mümkün olmayacaq idi, söz yox ki, axund Hacı Molla Ələsgər də olmasaydı, qızı almaq olmayacaq idi. Necə ki, insana hər qədəmdə at dəllalı lazım olur, habelə arvad dəllalı lazımdır. Nə onsuz dünyada işlər ötüşər, nə də bunsuz ötüşər. Hər ikisi lazımdır. Dəli “Molla Nəsrəddin”, 26 may 1908, №21 * * * Sürmə Bir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı. Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu. “İrşad”ın həmin nömrəsində Əhmədbəy deyir ki, “bizi dünyada zəlil və axirətdə biçiz edən – cəhalətdir”. Hələ dünyada zəlil olmağımız tutaq ki, doğrudur, amma axirətdə biçiz olmağımıza əgər Ağayevin əlində bir sübut varsa buyursun; yoxsa quru sözlə bizi naümid eləməyə haqqı yoxdur. Oxucularımızdan iltimas edirəm ki, “İrşad”ın 79-cu nömrəsində Əhmədbəy bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər. Nə bilim “xüləfayi-raşidin” belə gəldi, “nəbiyüs-seyf” belə getdi; Teymur, Nadir, filan və bəhman… Qadan alım, Ağayev, indi yay fəslidir, indi belə-belə məqalələrin vaxtı deyil; istidən adamın başı şişir. Qəzeti, ya kitabı açırsan ki, iki sətir oxuyasan, həmin saat adamı yuxu basır. Yayın bu istisində kimdir altı sütunlu məqaləni oxuyan? Hələ üç həftə bundan irəlidə “İrşad”ın 67-ci nömrəsində “Qəribə mənzərə” adlı bekarçılıq məqaləsi var idi; o vədə dinmədik, “xətir” elədik. Ey mənim əzizim, indi yaydır, indi sözü qısa demək lazımdır. Bax, müxtəsər, “niyə biz dünyada xar və zəlil olmuşuq?”. Vəssəlam! Dəxi burada tarix-marix lazım deyil; çünki onsuz da xalqın yuxusu gəlir. Niyə zəlil olmuşuq? Vəssalam! And verirəm oxucularımızı Allaha və peyğəmbərə ki, açsınlar “Hülyətül-müttəqin” kitabının 16-cı səhifəsini və görsünlər ki, orada sürmə çəkməyin fərayizindən nələr yazılıb: “Əz həzrəti-imam Rza əleyhüssəlam mənquləst ki, hər kira zəf dər basirə bəhəm rəsəd həft mil əz sürmeyi-səng dər vəqti-xab dər çeşm kəşəd, çəhar mil dər çeşmi-rast və sə mil dər çeşmi-çəp”; yəni imam buyurubdur ki, hər bir müsəlmanın gözləri zəif düşsə, gərək yatan vaxt dörd mil sürmə sağ gözünə çəkə və üç mil sol gözünə. “Və dər rəvayəti-digər fərmud ki, sürmə kəşidən qüvveyi-cimara ziyad mikonəd”. Bunu tərcümə eləməyə utanırıq. İndi gələk mətləbə. Niyə zəlil olmuşuq? Ondan ötrü ki, gözlərimiz o dərəcədə zəifləşib ki, dünyada heç bir şeyi görmürük. Nədir bunun çarəsi? Əgər “Hülyətül-müttəqin” kitabının nəsihətini qəbul eləsək, bunun çarəsi gecələr yatanda gözümüzə yeddi mil sürmə çəkməkdir. Yoxsa, Əhmədbəy yazan kimi, bir yandan deyirik ki, imam belə buyurub, bir yandan da gözümüz zəifləşəndə qaçırıq rus həkiminin yanına. Vəssəlam. O ki, qaldı nə bilim dəmir yol, telefon, teleqram – bunların mənasını Əhmədbəy başa düşmür. Avropa millətlərini Allah-taala biz müsəlmanlar üçün xidmətçi qərar verib: qoy canları çıxsın, min-min zəhmətlərlə dəmir yol icad eləsinlər. Bir az qara puldur, ataram ağzına, minib gedərəm ziyarətimə. Bəli, Əhmədbəy deyir: cəhalət, cəhalət! Yox, vallah, nə qədər canım sağdır, deyəcəyəm: sürmə, sürmə!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 iyun 1908, №23 * * * Oraq Bəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş. Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər. Xülasə, bir gün kəndə səs düşdü ki, müəllim uşaqlara xəbər verib ki, hərəsi məktəbə gələndə bir oraq gətirsin və müəllim istəyir uşaqlara ot çaldırsın. Bu səs düşəndən sonra dəxi heç kəs məktəbə uşaq göndərmədi, çünki xalq uşağını çöldən tapmayıb ki, göndərsin müəllimə ot çaldırsın. Amma sonra məlum oldu ki, yazıq müəllim ancaq uşaqlara “cim” dərsi verəndə oraq adı çəkib və heç kəsə deməyib ki, oraq gətirin, mənə ot çalın. Amma çifayda. Dəxi ondan sonra bir uşaq da məktəbə getmədi. Cırcırama “Molla Nəsrəddin”, 9 iyun 1908, №23 * * * Heyz “Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır. Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var… Amma bunların heç biri ilə işim yoxdur. İndi burada bir şey də yadıma düşdü. Yazırlar ki, ermənilər hazırlaşırlar təzə katalikos seçsinlər; amma qərar qoyublar bir elə şəxs seçsinlər ki, cəmi Avropa dillərini oxumuş olsun. Qərəz, gördüm ki, müsəlmanlar yığışıblar bir dükanın qabağına və huş-guşla qulaq asırlar. Ortada gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Dedim bəlkə Tehran vüquatını oxuyur. Yavığa yetişib mən qulaq verdim: “İn çənd məsələist əz fərmayişati-həzrəti-müstətab ağayi-flan və flan ki be tazəgi əz Xorasan fürustadəənd”. Yəni təzəlikdə Xorasandan göndəriblər. Yenə dedim bəlkə politika işlərinə dairdir. Sonra cənab başladı oxumağa: “çün məsəleyi-heyz və nüfas vacibəst bər hər zəni-nöh salə…”. * * * Ev birdən uçmaz, yavaş-yavaş uçar. Ev sahibi evin qədrini bilsə, görər ki, ev uçacaq və elə ki, gördü ki, ev uçacaq, – başlar təmir eləməyə. Amma zəmani ki, evin qədrini bilmədi, deyər ki, “eh cəhənnəmə-gora uçsun!”. İndi mən əsrimizin bu günlərində eşidəndə ki, birisi əlində bir kağız tutub oxuyur ki, “məsəleyi-heyz və nüfas vacibəst bər hər zəni-nöh salə”, – bunu mən eşidəndə haman ev sahibinin sözləri yadıma düşür ki, “eh, cəhənnəmə-gora uçsun!”. Dəxi bilmirəm nə yazım!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 iyun 1908, №24 * * * Dayan Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi. Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir. Məclisdə söhbət İranın gələcəkdə tərəqqisindən düşdü və məclisdə olan ağaların biri fərmayiş elədi ki, gərək İranda çoxluca dəmir yol çəkdirək. Nə olar ki, dəmir yol vacib bir şeydir. Ağaların biri də buyurdu ki, gərək bizim dəmir yol əcnəbilərin dəmir yoluna oxşamasın; məsələn, onların dəmir yolunda kilsə yoxdur, amma bizim dəmir yol qatarlarında gərək məscid olsun. Nə olar ki, məscid də ibadət üçün lazımlı şeydir. Sonra ağaların bir özgəsi də fərmayiş elədi ki, yaxşı olar dəmir yol qatarında məsciddən savayı bir minarə də ola maşın hərəkət eləyən vaxt günorta azanı yetişən kimi müəzzin çıxa minarəyə və maşınçıya çığıra “dayan” və başlıya azanı. Miniklər hamısı qatardan tökülə çölə və dağıla ətrafa su axtarıb dəstəmaz almağa və namaz qılmağa. Söz yox ki, burada ola bilər qeyri millətdən az-çox adam olsun, çox əcəb, qoy olsun, qoy bunlar həsrət ilə bizə baxıb öz-özlərinə desinlər “ədə, bu müsəlmanlar nə qeyrətlidirlər! Bu sözləri haman məclisdə ağalar ağızları köpüklü-köpüklü danışırdılar. Amma demə ki, mən yalan deyirəm. Yox, dayan: hər kəs yalan deyir, Allah ona lənət eləsin. Lağlağı “Molla Nəsrəddin”, 16 iyun 1908, №24 * * * Səkkiz yüz molla “Səadət”, “Nəşri-maarif”, “İttihad”… Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”… Amma bircə səhv burada eləmişik ki, əcnəbi millətlərin gözlərinin qabağında papağımızı əlimizə alıb, ura çəkə-çəkə məktəblərimizi tərif edəndə lazım idi ki, həmişə bunu da axırda deyək: “Allah bədnəzərdən saxlasın”. Mənim yenə etiqadım bunadır ki, adama göz vurarlar. * * * Ermənilər gördülər ki, Bakının müsəlman camaatı başlayıblar yavaş-yavaş şəhər məktəblərindən, gimnaziyalardan və qeyri məktəblərdən uşaqlarını çıxarıb, “Səadət”ə, “İttihad”a və “Nəşri-maarif məktəbi”nə göndərməyə, çox əcəb, bunlar da dinməz-söyləməz götürüb şəhər idarəsinə ərizə verdilər və ərizələrində yazıblar ki, indi, şükr Allaha, müsəlman qonşularımıza dəxi şəhər məktəbləri lazım deyildir; çünki, Allaha şükr, indi onların “Səadət”i, “İttihad”ı, “Nəşrimaarif”i var. Biz erməni camaatı şəhər idarəsindən təvəqqə edirik ki, bizə şəhər xərci ilə on iki məktəb açılsın. Ermənilərin ərzini şəhər də qəbul elədi; çünki kişilərin sözü haqdır. İndi görürük ki, ermənilər üçün on iki məktəb açılır və hazır şəhər məktəblərindən də müsəlman uşaqları köçüb gedirlər “Səadət”, “Nəşri-maarif” və “İttihad”ın ibtidai məktəblərinə. * * * Hələ şəhər məktəblərindən əlavə, qeyri məktəblərdən də müsəlmanlar qaçmağa başlayıblar. Məsələn, bu il Bakının realni məktəbinə 150 imtahan tutan şagirdlərin ancaq altı nəfəri müsəlman idi; habelə gimnaziyalar, ticarət məktəbləri və qeyriləri. İndi yenə qəzetlərimizdə elə bir ucdan ha oxuyuruq: maşallah “Səadət”, mərhəba “Nəşrimaarif”, yaşasın “İttihad” məktəbləri. Amma qeyri millətlərin gözünün qabağında bu sözləri yaza-yaza, əlbəttə, gərək bunu da yazaq: “Düşmənin gözü kor olsun, Allah bədnəzərdən saxlasın”. * * * Mən deyirəm ki, bu il Kutais gimnaziyasında gürcü tayfasından altmış nəfər cavan qurtarıb, amma bütün Qafqazda gimnaziya qurtaran müsəlman şagirdlərinin sayı altmışa çatmaz. Ermənilər qalsın kənarda, yəhudi uşaqları Qafqazın vəsəti məktəblərində müsəlman uşaqlarından çoxdur. Bunlar oxuyub olacaqlar incinar, təbib, yurist və hər qism mənsəb sahibi. Və halonki səadət, nəşri-maarif, ittihad, bəhcət, cənnət, məlaikə, huri və qılman – bu məktəblərdə oxuyan yazıq uşaqlar nə özləri, nə ataları, nə də məktəb sahibləri bilmirlər ki, məktəbi qurtarandan sonra şagirdlərin axırı nə olacaq. Ondan ötrü ki, bu məktəblərin hələ indiyədək proqramı yoxdur (amma formalarına nə demişəm! Ax, nə forma, nə forma! Kaş mən də uşaq olaydım!)... * * * İndi bu işlərin vücudu ilə əgər əlimizə bir durbin alıb, gələcəyə baxsaq, görərik ki, dörd ildən sonra “Səadət”, “Nəşri-maarif” və “İttihad” məktəblərindən səkkiz yüz molla və Ərdəbil hakimi çıxacaq. Amma bunu da görərik ki, gözəl məmləkətimizin hər bir ixtiyarı, sərvəti və neməti keçib qonşularımızın əlinə. Odur ki, mən yenə deyirəm: Bakının müqəddəs məktəblərini həmişə tərifləyəndə gərək ehtiyat üçün həmişə bunu da artıraq: “Allah bədnəzərdən saxlasın”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 iyun 1908, №25 * * * Babilər Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. Şəhərin ətrafını atlılar bürüyüblər və hər yandan tərəddüd kəsilib. Məşrutə tərəfdarlarının övrət-uşaqlarının tələf olanı olub, olmayanı Ermənistana pənah aparıblar. Bağmeşə, Bilanku, Pürsənku, Xiyaban, Bazarçay, Maralyan məhəllələri təmamən dağılıb talan olublar. Burada bir mətləb var. İşdən xəbərdar olmayan elə xəyal eləyə bilər ki, Təbriz davası politika davasıdır; yəni elə xəyal eləyə bilər ki, məşrutiyyət tərəfdarları çoxdur ki, qalib olur və basır. Belə deyil. İranda Məmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəətləri üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb, şaha kömək eləyirlər; məsələn, Təbrizdə Hacı Mirzə Həsən müctəhid, İmam Cümə, Mir Haşım, Hacı İbrahim sərraf, Hacı Mir Manaf, Hacı Nizamüddövlə, Şücai-nizam, Hacı Fəramərz, Zərğam, Lotu Kazım, Lotu Həsən, Lotu Əskər; yəni Təbrizdə ancaq on iki adamdır. Tehranda da həmçinin. Amma biz görürük ki, bütün Təbriz camaatı hücum çəkib məşrutəçilərin məhəllələrini dağıdıb, özlərinin qanını içirlər. Heç kəs deməsin ki, hücum çəkənlərin qəsdi padşahın düşmənlərini yox eləməkdir və köhnə idarəni geri qaytarmaqdır. Xeyr, saydığımız on iki adamdan savayı dəxi Təbrizdə bir adam tapılmaz ki, buna razı olsun. Bəs bu nə qovqadır? Bir az işlərə diqqətlə baxsaq, görərik ki, burada bir belə hikmət var: Hacı Mirzə Həsən Təbriz meşələrində ot otlayan müsəlmanları inandırıb ki, məşrutiyyət istəyənlərin hamısı babidir. Dəxi qurtardı getdi. “Dədəm mənə kor deyib”. – Ədə, qoyma, tut bu pədər süxtə babini! – Vur, tut! – Haray, qoyma qaçdı! – Al gəldi, qırın bu babiləri! – Urra, urra! Budur Təbriz davası! Və özgə cür də ola bilməzdi. Məslən, mənə deyirlər ki, flankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. Dəxi qurtardı getdi. Yoxsa bir də özümə zəhmət verib başlayım sual-cavabı ki, aya doğrudanmı flankəs babidir, yainki hürriyyəti-vicdan adına durum hələ bir az fikir də eləyim? Qadan alım, Dəvəçi məhəlləsi hara, hürriyyəti-vicdan hara. Bu işlər bizim vilayətdə yeriməz, vəssalam. Budur Təbriz davası. * * * Müctəhid, bəli, müctəhid… Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında Təbrizdə bir müsəlman uşağını ayıb olmasın müsəlman qaydası ilə bihörmət eləyiblər. Hacı Mirzə Həsən ağa müctəhidin gözünün qabağında minlərcə müsəlman övrət-uşaqları Ermənistana qaçıb əcnəbilərin evində gizləniblər. Amma rus bankının rəisi Bidoloviç beş min tümən xərcləyib və sahibsiz qalan ac müsəlman övrət-uşağına çörək verib ki, aclarından tələf olmasınlar. Biz keçən vaxtdan yazmışdıq ki, müctəhidlər palçıqda hambalların dalına minir, bizdən incimişdilər. İndi təvəqqə edirik ki, Hacı Mirzə Həsən ağa müctəhidi də görsünlər. Görsünlər ki, belə lotular və quldurlar da dünyada ola bilərmişlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 iyun 1908, №26 * * * Müsəlman Bakıda indi belə adət düşüb: məsələn, istəyirsən bir ev kirayə eləyəsən və görürsən ki, divara elan yapışdırıblar ki, “burada bu qədər otaq kirayə verilir”. Qapını döyürsən, ev sahibi çıxır qapıya. O da müsəlman, sən də müsəlman. – Hə, nə istəyirsən? – İstəyirəm evinizi kirayə eləyəm. Əgər ev sahibi gördü ki, başında papaq var, sənə cavab verəcək ki, “mənim kirayə verilən evim yoxdur”. – Ay hacı, ay bəy, axır elan yapışdırıbsınız?! – Xeyr, xeyr. Kirayə verilən evim yoxdur. Amma ev sahiblərinin çoxu mərdanə sənə cavab verəcək ki, “mən evimi müsəlmana vermərəm”. Bütün şəhəri gəzəsən, heç bir müsəlman səni evinə qoymayacaq. Axırda çarəsiz qalıb, gedirsən rus, yəhudi və erməni evində otaq tutub qalırsan. Müsəlmanlar da evlərini verirlər ruslara, yəhudilərə, qeyri millətlərə. Bu adətin iki yaxşı nəticəsi var: biri budur ki, müsəlman evdarları müsəlmanlara evlərini kirayə verməyəndə müsəlmanlar da gedirlər özgə millətlərin evlərində qala-qala bunlarnan üns tuturlar, yavıqlaşırlar, mehribanlaşırlar və bu da axırda millətlərin bir-birilə dostlaşıb, birbirinə qarışmalarına səbəb olur. Müsəlman evdarları evlərinə müsəlmandan savayı hər milləti qoymaqdan həmçinin belə nəticə hasil olur. Yenə şükr eləmək lazımdır. Necə ki, müsəlmanlar deyirlər: “Lənət heçə”; ruslar da deyirlər ki, “dünyada hər bir pis işin yaxşı tərəfi də var”. Yenə Allah bərəkət versin! Qaldı bu adətin ikinci nəticəsi: ikinci nəticəsi də budur ki, Bakı müsəlmanları evlərini müsəlmanlara verməməklərindən bu çıxır ki, müsəlmanlar pis adamdırlar. Bu da ki, köhnə sözdür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 iyul 1908, №27 * * * Pasport Düz iyirmi iki il bundan qabaq İran konsulxanasında məndən altı manat alıb əlimə bir qəbz itələyiblər ki, yazarıq, sənə pasport gəlsin. Hər il bir dəfə gedərəm soruşaram ki, mənim pasportum gəlib ya yox? Və hər dəfə soruşanda mənə cavab verərlər ki, hələ gəlməyib. İndi mən öz-özümə belə fikir eliyirəm: mən deyirəm ki, mənim heç ağlım yoxdur. O səbəbə ki, mənim qeyr vətəndaşlarım nə qədər zəhmət çəkib xərc qoyurlar ki, ildə bir dəfə pasportlarını təzələsinlər. Amma iyirmi iki ildir ki, hər kəs məndən pasport soruşanda çıxardıram altı manatın qəbzini nişan verirəm və dəxi heç kəs mənə bir söz demir. İndi mən deyirəm bu qəbz məndən ötrü bir möhkəm pasport olub. Özü də həmişəlik, necə ki Rusiyada nəcibzadələrə həmişəlik pasport verirlər. Allah qəbzə bərəkət versin. İyirmi iki ildi mənim canımı qurtarıb. Odur ki, qoltuq cibimə qoyub bərk-bərk saxlıyıram. Dəli “Molla Nəsrəddin”, 7 iyul 1908, №27 * * * Vodka Məlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir. Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər. Tamaşaçıların çoxusunu faytona qoyub evlərinə apardılar, çünki özləri istəyirdilər evlərinə dördayaqlı getsinlər. Amma polisə qəbul etmədi. Xülasə, axırda bu oyundan əncümən yetmiş bir qəpikdən doxsan üç manat əskik pul qazandı, amma bilet beş yüz manatdan artıq mənfəət elədi. Həmşəri “Molla Nəsrəddin”, 7 iyul 1908, №27 * * * Kabla Həsən Naxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub. Biçarənin övrət-uşağı başladı ağlaşmağa. Polis qulluqçuları düşdülər təşvişə. Haman gün axşama kimi bir xəbər çıxmadı. Gecə səhərə kimi də Kabla Həsən tapılmadı. Bəli, Allah rəhmət eləsin! Hamı yəqin elədi ki, binəva Kərbəlayi Həsəni düşmənləri görəsən hansı dərədə aparıb başını kəsiblər. Allah rəhmət eləsin. Sabahısı günü mərhumun qohum-qardaşını polisə çağırıb apardılar ki, Kabla Həsənin dükanının qıfılını sındırıb dükanı açsınlar və dükanın malını siyahı eləsinlər ki, bilinsin vərəsəyə nə çatacaq. Dükanı açıb görürlər ki, Kabla Həsən iki kəndli ilə oturub dükanın içində və özü də sağ və səlamətdir. * * * Axır məlum oldu ki, Kabla Həsən cümə günü gəlib dükana və istəyib xəlvətcə alış-veriş eləsin və iki kəndli müştəri tapan kimi bunları yavaşca itələyib dükanın içinə və özü də bunların dalınca girəndə dükanın qıfılını verib qonşusu Kərbəlayi Rzaya və təvəqqe eliyib ki, Kərbəlayı Rza dükanı qıfıllasın və Kabla Həsən çağıranda açsın. Kərbəlayı Rzanın da yadından çıxıb açarı cibində qoyub gedib evinə. Kabla Həsən də müştərilərlə qalıblar dükanın içində və utandıqlarından bir səs çıxarmıyıblar. Xülasə, hamı elə bildi ki, Kabla Həsəni öldürüblər, amma kişinin əcəli tamam deyilmiş. Hələ bununla bir para axmaqlar var ki, əcələ inanmırlar. Lağlağı “Molla Nəsrəddin”, 7 iyul 1908, №27 * * * Tarix İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə. Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu. Bu bir tarixdir ki, bəni-növi bəşər üçün bir ibrət olacaq. Burada bir nöqtə var ki, ona çox diqqət lazımdır. Mən Danabaş kəndində həmişə eşidirdim ki, qurana heç bir güllə kar eləməz. İndi mən güman eləyirəm ki, Tehranda da bu əqidədə imişlər ki, əgər, quranı şahın qoşununun qabağına çıxartsalar, şahın qoşunu basılar; çünki qurana güllə atsalar, kar eləməz və uşaqlar da tökülüb kazakları qovalayıb soxarlar şahın hərəmxanasına. Belə işlər keçən vaxtlarda da olub. Müaviyənin əsrindən Buxara davasına kimi, müsəlmanlar bərkə düşəndə düşmən qoşununun qabağına quran çıxardıblar və hər dəfə quranın səhifələrini düşmənlər oxun və nizənin ucu ilə cırıb dağıdıblar. Erməni-müsəlman davasında şeytanbazar müsəlmanları quranın ayələrini kağız üstə yazıb yapışdırmışdılar divarlara ki, evlərinə xətər toxunmasın; amma bu evlərin çoxusuna od düşəndə hər bir şeydən qabaq bu dualar alışıb yandılar; çünki kağız taxtadan və daşdan tez yanar. Qeyri millətlərin içində hürriyyət davası düşəndə uşaqlar dava meydanına çıxanda hərəsi cibinə bir elə şey qoyub çıxıb ki, dava vaxtı o lazım olsun. Heç olmasa, Allahın pıçağına nə gəlib! Yenə bıçaqla düşməni qorxutmaq olar. Amma təcrübə bunu göstərir ki, qurandan heç kəs qorxmur. Ondan ötrü ki, quran ancaq tələbələrin yumruq davasında lazım ola bilər; amma top və güllə davasında lazım olmur. Quranı ələ alıb davaya çıxmaq Quranı hörmətdən salmaqdır; çünki, qabaqca gərək yəqin eləyək ki, quran cırılacaq; kağızın xasiyyəti cırılmaqdır. Keçən keçib; amma gələcəkdə Tehran vüquatı gərək bizim üçün ibrət olsun. Bu bir tarixdir ki, insanlar üçün həmişə dərs olacaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyul 1908, №28 * * * Seyidlər Bir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar. Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı. Biz görürük ki, indi seyidlər başlıyıblar oğurluq eləməyə və biçarələrin heç taqsırı yoxdur, o səbəbə ki, min dörd yüz ildir bunlar adət eliyiblər arsız adamlar kimi bikar gəzib dolanmağa və qarınları acan kimi dağarcıqlarını götürüb tutublar mömin müsəlmanların qabağına ki, mənə çörək ver yeyim. Axırda da müsəlmanlar bir az gərnəşib gözlərini açan kimi başladılar seyidləri qapıdan daşlıyıb qovmağa. Bəs indi bunların təklifi nədir? Elm yox, sənət yox qeyrətdən də yana xəcalətdirlər. Bəs nə yesinlər? İndi bunlar da başlıyıblar oğurluğu. Dəxi yazıqların çarəsi nədi? Cırcırama “Molla Nəsrəddin”, 14 iyul 1908, №28 * * * Dua Bir söz eşitmişəm, amma inanmıram. Qəzetlər yazırlar ki, Tiflisdə olan iranlılar buradan İstambula teleqrafla Sultan Əbdülhəmidə dua göndəriblər. Bunu mən eşitcək çox təəccüb elədim və səbəbi də budur: Əvvələn, hər nə qədər fikir elədim, heç xəyalıma gəlmədi ki, sultan nə bir yaxşı iş görə bilər ki, duaya layiq olsun. Qəzetləri də birbirinə vurdum, heç bir yerdə sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim. Saniyən, iranlılar tərəfindən duanın göndərilməsi həmçinin ağla gələn işə oxşamırdı; çünki bu saat yenə sultanın qoşunları, kürdləri və quldur dəstələri İranın bir guşəsin söküb kəndləri dağıtmaqdadır. Axırı bir iranlı rəfiqimə rast gəlib soruşdum: – Doğrudurmu ki, siz sultana dua göndəribsiniz? – Bəli, doğrudur. – Nə bəhanə ilə göndəribsiniz? – Ondan ötrü ki, sultan tərəfindən qanuni-əsasi elan olunub. Mən qorxuram ki, Tiflis iranlıları kimi bir para özgə adamlar da işin əslindən xəbərdar olmayıb, səhvən götürüb sultana bu uzunluqda yolu teleqraf göndərələr və bu səbəbdən özümü borclu bilirəm ki, əhvalatın əsl həqiqətini oxucularıma xəbər verəm. Qanuni-əsasini iyul ayının onuncu günü Salanikdə gənc türklər elan eləyiblər ki, nəinki sultan Əbdülhəmid. Bu xəbər sultana çatandan sonra, bu tərəfdən də xəbər gəlib ki, qoşunun üçüncü ordusu gəlir İstambulu dağıtsın və sultanı əsir etsin. Ayın on birində sultan da “xala xətrin qalmasın” babətindən camaatı aldatmaq və qoşunun başının altına yasdıq qoymaq qəsdi ilə guya ki, bəli, qanuni-əsasi elanını eləyib. Amma bunu bilməyib ki, Tiflis iranlılarından savayı heç kəsi tovlaya bilməz. Osmanlıda qanuni-əsasinin macərası belədir. Amma bir şeyə mən çox təəssüf edirəm. Ax yazıqlar, biçarələr, başıdaşlılar, bəxti qaralar! Mənim yazığım gəlir haman millət vəkillərinin balaca uşaqlarına ki, ataları cəm olacaqlar İstambula, millət məclisinə və uşaqları da gözləyəcəklər ki, bir aydan sonra, bir ildən sonra atalarımız qayıdıb gələr və bizə tilməkli qırmızı fəs gətirər. Doğrudan, Osmanlının əvvəlinci millət məclisinin vəkillərinə çox yazığım gəlir; ondan ötrü ki, göz gördüyündən qorxar. Vallah öz gözümnən görmüşəm, öz başıma gəlib. Elə hər yanda ki, millət məclisi eşitmişəm, – axırını da belə görmüşəm. Hələ bilmirəm ki, iranlılar sultandan nə istəyirlər? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 iyul 1908, №29 * * * Cavab Səlyanda müəllim cənablarına: Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur. Səlyan bir balaca yerdir; Səlyandan dörd səhifə yazmağa ixtiyarımız yoxdur; Səlyandan ancaq hər nömrədə bircə sətir yaza bilərik. Məsələn, cavanlar uşaqları tutub çığırda-çığırda qəbristan dərəsinə çəkirlər, yainki hacılar Qazax övrətlərini küçədə görəndə deyirlər: – Ax, qadan mənə gəlsin! Yainki qəssablar az qalıblar ki, məscid həyətini sallaxana qayırsınlar. Yainki Səlyanda hər kəs bazarda əlinə lüleyin alır, o saat şalvarının bağından tutub qaçır məscid həyətinə (İrəvan və Naxçıvan yadıma düşdü). Səlyandan bu dəxi bəsdi. – Yoxsa, durub sənin yazdığın dörd səhifəni yazsaq, dəxi Lənkərana yer qalmaz, amma insaf deyil Lənkərandan yazmayaq ki, Lənkəranda hər bir molla ki, vəfat elədi, onun qəbri ziyarətgah olur, necə ki, bu yavuq vaxtlarda ölən bir göbək yazan mollanın qəbrinin üstünə övrətlər hər cümə axşamı dəstə-dəstə gəlib şam yandırırlar, birdən nə tövr oldu qəbristanın quru otu od tutub yandı və kəndə səs düşdü ki, qəbristanda möcüz olub və bazar əhli qəbristana yüyürüb gördülər ki, ağanın qəbr əhlinə acığı tutub. Əgər dörd səhifə Səlyandan yazsaq, məsələn, Naxçıvana yer qalmaz, amma insafdan uzaqdır yazmayaq qiraətxanaya o qədər adam cəm olur ki, iynə salmağa yer olmur. Cırcırama “Molla Nəsrəddin”, 21 iyul 1908, №29 * * * “Əbvabül-cinan” “Xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət könənd…”. Bu sözlər yazılıb “Əbvab” kitabının əvvəlinci cildinin 73-cü səhifəsində və mənası da budur ki, Dəccalın xürucu o vaxt olacaq ki, kişilər övrətlərlə məşvərət eləyələr. Bu sözləri səhl saymaq olmaz; çünki bu sözlər yazılıb “Əbvabülcinan” kitabında. “Əbvabül-cinan” bizim dildə – “behiştin qapıları” deməkdir. Müsəlman aləmində “Əbvab” kitabını oxuyub çıxmayınca heç kəsin ixtiyarı yoxdur özünə alim adı qoysun və müsəlman kitablarının içində heç bir kitab “Əbvab” kimi hörmət qazanmayıb və çox adamlar bu kitabı əllərinə götürəndə qabaqca öpüb sonra açırlar. “Əbvabül-cinan”, “Əbvabül-cinan!” Məktəblərdə “Əbvab” oxuyan şagirdləri barmaqla göstərirlər. Ərzimiz buradadır ki, həmin “Əbvab” kitabının 73-cü səhifəsində yazılıb ki, kişilər övrətlərlə məşvərət eləyəndə Dəccal xüruc edəcək. Amma biz müsəlmanlar hər bir şeyi səhl saya-saya burada da qəflət eləmişik; çünki “Əbvab” kitabı bizə bu nəsihəti edə-edə biz yenə gedib bir övrət həkimi tapıb deyirik ki, ay xanım, bizim övrətin flan azarı var, nə cür dava verək ki, şəfa tapsın? Aşkar işdir ki, biz burada övrətlə məşvərət edirik və yadımızdan çıxardırıq ki, “Əbvab” kitabı övrətlə məşvərət eləməyi qədəğən buyurur. Hələ övrət həkimi qalsın kənarda: bəzi kişilər var ki, bazara gedəndə övrətlərindən soruşurlar ki, ay qız Fatma, ağlın nə kəsir, istəyirəm bu gün düyü alıb göndərəm plov bişirəsən? Övrət cavab verir ki, yox, plov bişirməyəcəyəm. Yağımız azdı. Bu gün ət al göndər, kabab eləyək. Amma sən Allah, ət çox sümüklü olmasın, uşaqlar doymurlar. Biz görürük ki, burada kişi övrətlə məşvərət eləyir. Amma xəyalından çıxardır ki, bunun məşvərətinin ucundan Dəccal xüruc eləyə bilər, necə ki, “Əbvab” kitabında bəyan olunub. Hərçənd ki, şükür olsun Allaha, bizim içimizdə bu tövr günahkar bəndələr az olur, yəni arvadlarla məşvərət eləyən kişilər çox deyillər. Amma yenə hərdənbir oyanda-buyanda tapılır; çünki məlun şeytan heç bir vaxt, heç bir dəqiqə bikar deyil. Xüruci-Dəccali-ləin vəqti xahənd bud ki, mərdüman bazənan dər kar məşvərət konənd… Bu sözlər yazılıb “Əbvab” kitabında və mənası da budur ki, Dəccal o vaxt xüruc eləyəcək ki, kişilər övrətlərlə məşvərət edələr, yəni övrətlərlə məşvərət eləməyi “Əbvab” o dərəcədə günah əməl hesab eləyir ki, əgər bir belə iş kişilərdən baş versə, Dəccal xüruc eləyəcək və qiyamət qopacaq və axırda Dəccali-ləin həzrəti-İsa əleyhüssəlam tərəfindən qətlə yetişəcəkdir. İşlərin axırını xarab görürəm: bax ki, indi hər yanda müsəlmanlar başlayıblar qızlarını dərsə qoymağa. Nuxada axund Pişnamazzadə cənabları hələ qızlar üçün öz əli ilə məktəb açır. Misirdə müctəhidlər qızlarını göndərirlər Frəngistana, kafirlər içinə ki, orada firəng elmləri oxusunlar. Axırda bu qızlar oxuyub qayıdacaqlar vətənlərinə və hər biri bir cür elm sahibi olacaq. Kişilərimiz də başlayacaqlar lazım olanda bu qızlarla məşvərət eləməyə. Dəxi aşkardır ki, Dəccal xüruc eləyəcək, necə ki, hazır indinin bu saatında İran məmləkətində Dəccalın bəzi əlamətləri görsənir. Allah baisin evini yıxsın! Bu sözləri mən yazmazdım, amma bircə cəhətdən yazdım. “Əbvab” kitabını bir yerdə görəndə az qalırıq səcdəyə düşək; amma səcdəyə düşə-düşə yenə qızlarımızı oxuduruq ki, böyüyüb elm və mərifət sahibi olsunlar, yəni məşvərət eləməyə ləyaqətləri olsun. Bu iki iş bir-birini tutmadı; ondan ötrü ki, xüruci-Dəccali-ləin vəqti xahəd bud ki, mərdüman bazənan dər kar məşvərət konənd. Yəni bir tərəfə baxanda müsəlmançılıqda övrətlə məşvərət eləməyin heç mənası yoxdur; çünki bizim cəmi kitablarımızda yazılıb ki, övrətlərin ağlı naqisdir. Məsələn, sən, ha övrətinə de ki, nə məsləhət görürsən, mən gedirəm bir arvad da alam, ya inki gedirəm mütrüb oynatmağa; söz yox ki, övrət başa düşməyəcək, çünki naqisül-əqldir. Elə “Əbvab” da bu mülahizə ilə müsəlmanlara belə nəsihətlər eləyir; çünki “Əbvabül-cinan” kişilərimizi yaxşı tanıyır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyul 1908, №30 * * * Qonaqlıq Şamaxı realnı məktəbinin direktoru Leontiyef buradan dəyişilib özgə şəhərə gedir. İndi hamının fikrinə gələ bilər ki, görəsən, bundan soraya Şamaxıya təzə təyin olunan direktor müsəlmanlar ilə nə cür rəftar edəcək? Mən deyirəm ki, təzə direktorda Leontiyef kimi müsəlmanları istəməyəcək. Səbəbi var: Səbəbi budur ki, təzə direktor gəlib görəcək ki, köhnə direktor müsəlmanlara nə qədər bədxah olduqca da, genə axırda Leontiyef dəyişilib gedəndə müsəlmanların əğniyaları və intelligentləri Leontiyefə cəlallı qonaqlıq verib artıq hörmət ilə yola saldılar və qonaqlıqda da mehriban nitqlər söylədilər. Təzə direktor da dəli deyil ki? Bu da yəqin eliyəcək ki, müsəlmanları istəsən də, istəməsən də – hallarına təfavüt eləmir. Ondan, ondan ötrü ki, şeyxlər və mərsiyəxanlar mürur ilə müsəlmanların qanını öldürüblər. Cırcırama “Molla Nəsrəddin”, 28 iyul 1908, №30 * * * Möcüzə Əgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər. Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir. Biz həmişə eşitmişik ki, osmanlılar Sultanın bərəkətindən yas və təziyə içində olublar və bu ağlasığışan işdir. Amma indi deyirlər ki, məşrutə verilib, yəni Osmanlı həbsxanaları hürriyyətpərvərlərin ahü nalələrindən xilas olacaq –buna möcüzədən savayı bir ad qoymaq olmaz. Doğrudan, dəxi bundan sora Sultanın ən müqərriblərindən olan meymunçu əbülhüdalar, heyx zafirlər haraya gedib əfsun oxusunlar? Zəki, İzzət, İsmayıl, Kənan paşalar haralarda dilənsinlər? Bu məğər möcüzə deyil ki, məşrutə veriləndən sora avropalıların ağızlarını sulandıran ləzzətli loğmalar geri alınacaq? Bolğariya imperatorluğu ilə qızışan başların üstə soyuq sular töküləcək, Avropa kabinetlərində xəstə məmləkəti paylamaq planları hörümçəklərə nəsib olacaq, Makedoniya bəhanəsi ilə Osmanlıya soxulan hökumətlər xurcunlarını dallarına alıb təşrif aparacaqlar… Əgər birisi şirin yatanda bu işləri yuxuda görsə, bunu ağıl kəsər. Amma həqiqətdə bu işlərin əmələ gəlməsi möcüzədir. Lağlağı “Molla Nəsrəddin”, 28 iyul 1908, №30 * * * İttihad Məsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər. Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər. Qafqaz erməniləri olmasaydı, Osmanlı erməniləri indiyədək aclarından ölüb qurtarmışdılar. Qafqaz ermənilərinə də indi Osmanlı erməniləri pul yığıb göndərəcəklər ki, Tiflisdə erməni teatrı tikilsin (bu teatrı yarım milyon pul xərcləyəcəklər). Amma bizlərdə ehsan ancaq bundan ibarətdir ki, təzə bir imarət tikdirəndə ya evimizə təzə bir qaliçə alanda şəhərin mollalarını və bəyləri ilə xanlarını düzürük yuxarı başa və qabağına bir nimçə plov qoyuruq ki, çıxıb gedəndən sonra ya imarətimizi və fərşimizi tərifləsin, ya da ki, gəyirə-gəyirə plovumuzun yağını tərifləsin. İndiyədək qəzetlərimizdə çox yazmışıq: “ittihad”, “ittifaq”. Amma bir az diqqət eləsək, görərik ki, ittihad və ittifaq yolunda cibimizdən bir qəpik çıxmayıb, savayı ondan ki, bir məktəb açıb adını qoymuşuq “İttihad”, bir də qiraətxana açıb adını qoymuşuq “İttifaq”. Ola bilər ki, bu yolda dəxi də artıq tərəqqi edək. Mən qorxuram ki, bir gün bir oğlumuz olanda adını qoyaq “İttihad”, qızımız olanda adını qoyaq “İttifaq”. Bu işlər heç çətin deyil; çünki pul çıxmır. Amma indi bir dövlətli qafqazlıya deyəsən ki, Təbrizdə müctəhid hacı Mirzəhəsən dəyirmanın sularını kəsib və əhali acından ölür, – dəxi burada “ittihad” və “ittifaq” sözləri gedəcək işinə; çünki ortalığa pul söhbəti gəldi. * * * Təbriz acından ölür, – heç birimizin vecinə deyil; amma əcnəbi millətlərdən söz düşəndə qazı-qazı deyirik ki, Allah-taala insanın qəlbində iki nöqtə xəlq edib: biri qara nöqtədir, biri ağ nöqtə. Saleh bəndələrin ağ nöqtəsi yekəlib qara nöqtəni basır; o ki, qaldı əcnəbi millətlər, onların qəlbində qara nöqtə həmişə ağ nöqtəni basmaqdadır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 avqust 1908, №31 * * * Peterburq Biz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib. Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib. Peterburqda bu əqidədədirlər ki, İranın iğtişaşına səbəb Zilli Sultandır ki, istəyir Məhəmmədəli şahı taxtdan salıb özü onun yerində əyləşsin və millət vəkillərinin də bir paraları Zilli Sultana əl altından kömək eləyirdilər və Zilli Sultan vəkillərə çox rüşvət verib və axırda Zilli Sultanın qoşunu gəlib Tehranı mühasirə eləyib və Tağızadə qoşunun qabağına qırmızı bayraq çıxardıb. Xülasə, zalım vəkillər və namərd Zilli Sultan az qalmışdılar şahi-məzlumi padşahlıqdan salalar və Allah rast saldı kazaklar bu tərəfdən çıxdılar və zalımların qabağını kəsdilər. Amma Allah şahiddir ki, kazaklar nə məclisə güllə atıblar, nə də uşaqları qırıblar.... Məclisi dağıdan və uşaqları qıran Zilli Sultanın qoşunudur, vəssalam. Yoxsa nə şahın burada günahı var, nə kazakların, nə də Əmiri-Bahadırın. İndi Peterburqda bu sözləri danışandan soruşarsan ki, “sən bu sözləri haradan eşidibsən?”. Cavan verəcək ki, “bu xəbərlərin hamısı teleqraf xəbərləridir”. İşin əsil həqiqəti belədir ki, Tehrandan bir özgə məmləkətə hər kəs politika işlərinə dair teleqraf göndərmək istəyirsə, gərək teleqraf sahibinin rəyini soruşsun, sonra teleqraf göndərsin. Tehranda da kimdir teleqrafın sahibi: haman Məhəmmədəli şah, kazaklar, haman Əmiri-Bahadır. Dəxi aşkardır ki, Peterburqa Tehran xəbərləri məhz o mənada çata bilərdi ki, yuxarıda nağıl eləmişik ki, ondan ötrü qələm mənim öz əlimdədir, nə cür istəsəm, elə də yazaram. Cırcırama “Molla Nəsrəddin”, 4 avqust 1908, №31 * * * Məzəli xəbərlər Buxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa. Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər. İndi yapışasan gürcü yazıçısının əlindən və aparasan Buxarada Qurğan şəhərindəki hakimi nişan verəsən. Allah belə hakimlərə bərəkət versin. Dəli “Molla Nəsrəddin”, 4 avqust 1908, №31 * * * Bu nədir? Çox şeylər dünyada var ki, mən onu bilmirəm. Mən bilmədiyim şeylərin biri də budur ki, aşağıda ərz edəcəyəm. Osmanlıda qanuni-əsasi yolunda çığır-bağır eləyənlərin çoxu arvadlardır. Biz qəzetlərdə oxuduq ki, osmanlı arvadları bir yerə cəm olub nitqlər söyləyiblər və and içiblər ki, payimal olan hüquq və ixtiyarlarını qanuni-əsasi vasitəsilə geri alsınlar. Və hamı görür ki, minlərcə osmanlı arvadları bir meydana yığışıb, utanmaya-utanmaya və heç bir kişidən qaçmaya-qaçmaya, kişi kimi bir uca stolun üstünə çıxıb, kişilərin içində səslərini ucaldıb, nitqlər söyləyirlər. Bəs insafdırmı ki, biz bu işləri görə-görə öz-özümüzə deməyək ki, “bu nədir?”. Söz yox ki, dünyada çox şeylər var ki, adam onu bilmir; amma bir adam ki, bir şeyi bilmir, həmişə istəyir ki, onu bilsin. Biz kənardan durub baxırıq, baxırıq və üzümüzü çöndərib qoyub gedirik. İstəmirik özümüzə zəhmət verib, heç olmasa soruşaq ki, “bu nədir?”. Bu nədir? Yəni osmanlı arvadları nə istəyirlər? Necə hüquq? Necə ixtiyarat? Kimdir onların hüququnu pozan? Kimdir onların ixtiyarını əllərindən alan? Və necə hüquq? Necə ixtiyar? * * * Əgər biz cəmi fiqh kitablarını qabağımıza açsaq və övrətlərimizin indiki əhvalını nəzərə alsaq, gərək hələ min dəfə şükr eləyək. Və hər halda heç bir yerdə bir işarə də tapa bilmərik ki, indiki əsrimizdə arvadlarımızın hüququ kişilər tərəfindən pozulmuş ola. Götürək, misal üçün, mötəbər fəqihlərimizin qələmindən çıxmış məşhur “Təharəti-Şeyx” kitabını. Heyif ki, məcburuq sözü müxtəsər söyləməyə; çünki bundan artıq təfsilata məcmuəmizdə yer yoxdur. Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? Məgər onlara bəs deyil ki, üzü-gözü açıq frəng arvadları kimi İstambulun küçələrinə düşüb, bayraq qalxızıb, ucadan nitqlər oxuyurlar? Dəxi bundan artıq nə istəyirlər? Vallah, dəli şeytan deyir vur qoltuğuna “Cameyi-Abbas” kitabını, get İstambula və aç kitabı o sırtıq qızı sırtıqların qabağına və onlardan bir neçə vacib məsələ soruş! And olsun Gorusda Molla Muxtar əminin canına ki, onlardan elə sözlər soruşaram ki, qızarıb yerə girərlər! İstambulda şeyxülislam da təsdiq edib ki, müsəlmanların xoşbəxtliyi üçün və Türkiyənin tərəqqisi üçün qanuni-əsasi vacib bir şeydir və müvafiqi-şəriətdir. Bəs bu nədir? Məgər şeyxülislam osmanlı övrətlərinin yığıncaqlarını görmür? Necə hüquq? Necə ixtiyar? Övrətlər nə ixtiyar istəyirlər? Bəs şeyxülislam nə deyir? Bəs hicab necə oldu? “Bu nədir?”. Mən arzu eləyirəm ki, müsəlman qardaşlar kənarda bir şeyi görəndə və o şeyi bilməyəndə bir dayanıb soruşalar ki, “bu nədir?”. Əgər adam buna adət eləsə, axırda çox şey öyrənər. Yoxsa mən bir yandan deyim ki, qanuni-əsasi çox yaxşı şeydir, bir yandan baxıb görüm ki, osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür; bir yandan qanuni-əsasi tərəfdarı olum və bir yandan da gedim Mərdəkanda “Pir Həsən” pirinə və bunların hamısını eləyə-eləyə heç bir soruşmayım ki, “axır bu nədir?” Bu olmadı! Buna erməni dilində deyirlər “isqi”. Osmanlıda müsəlman övrətləri nə istəyirlər? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 avqust 1908, №32 * * * Tədarük Müsəlmanlar bərk tədarükdədirlər. İndidən hər kəs ki, tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir: – Qasıməli kirvə, əlbəttə bizə gərək iki put xalis inək yağı gətirəsən, amma üç həftəyədək gərək yetirəsən… əlbəttə-əlbəttə! Yağdan sonra düyü tədarükünün dalına düşürlər; çünki plov düyüsüz olmaz. Bal, pendir, doşab, yumurta, qartoplu unu, zəncəfil, zəfəran, qənd, paxla, xurma… Söz yox ki, xam adamlar bilmirlər ki, bu nə tədarükdür? Yad adam elə xəyal eləyə bilər ki, bəlkə qabaqda toy-bayram gəlir. Elə toybayram tədarükünə də çox oxşayır. Amma biz bilirik ki, toy-bayram yoxdur; bunlar hamısı rəməzan tədarüküdür. Əgər durub yaxşı hesab eləsək və çotkaya salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib içməyə xərclədiklərindən çox artıq bircə rəməzan ayında yeyib-içməyə xərcləyirlər. O qədər ləziz xörəklər ki, bircə rəməzan ayında ortalığa gəlir, qeyri on bir ayın ərzində gəlmir. Yəqin demək olar ki, rəməzan ayı müsəlmanlardan ötrü yemək ayıdır, qonaqlıq ayıdır, toy-bayram ayıdır. Rəməzanın əvvəlinci günündən müsəlmanların fikir və xəyalı cücəplov yanındadır, bal halvası yanındadır firni yanındadır. Küçədə getdiyi yerdə müsəlmanın yeməkdən savayı özgə bir fikri olmur. Bazara gəlir, üzüm də görür, – alır, kişmiş də görür, – alır, yağlı çörək də görür, – alır, uşaq kimi kanfet də görür, – alır; evdə də plov da pişir, halva da pişir, bozbaş da pişir. Hətta namaz vaxtı da mömün müsəlmanın fikri və zikri dolu olur dolma ilə, qarpız ilə, iskəncəbi ilə, lumulu çay ilə, yaxşıca yağlıca bozbaş ilə. İftara bir az qalanda mömün müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır, qayğanaq çağırır, boranı çağırır, xingəl çağırır, qürabiyə çağırır, halva çağırır. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın, dolmamı yesin, qovun-qarpızmı götürsün, qəndab içsin, yainki plovu gözləsin. Plovun da ətri evi bürüyüb; qazanın qazmağını zaranq-zaranq ilə qopardırlar. Xülasə kefdi ki, gəlib görəsən! Bunların hamısına müsəlmanlar içində deyirlər “ibadət”. Bir ay rəməzanı mömün müsəlmanlar səhərdən-axşamadək kefli kimi dolanırlar. Hələ papiros və qəlyana adət eləyənləri heç dindirmək olmaz. O qədər söyüş və föhş ki, rəməzan ayında müsəlmanın ağzından çıxır, – qeyri on bir ayın ərzində çıxmır. – Adə, haramzada, məni orucağız çox dindirmə, vallah, tərəzinin daşını vuraram başın dağılar! Bunların hamısına müsəlmanlar içində deyirlər “ibadət”. Hələ bir iş də var. Söz yox ki, orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər və acları hərdən-bir yadlarına salsınlar və aclara ianə eləsinlər. Çox gözəl. Amma biz gördüklərimiz və eşitdiklərimizdən bunu təcrübə eləmək olar ki, mömün müsəlmanın yadına aclar həmişə düşə bilər, bircə rəməzan ayından savayı; çünki rəməzan ayında günorta azanı deyiləndən axşam azanınadək mömün müsəlmanın yadına düşən şeylər məhz fisincan, badımcan və xanımcandır. Dəxi özgə şey yada düşməz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 avqust 1908, №33 * * * Nüma “Molla Nəsrəddin”in lüğətindən Nüma, yəni nə ola? Məsələn, “qiblənüma”, “rəhnüma”. “Qiblənüma” saat şəklində bir girdə şeydir ki, həmişə ona baxanda bilərik ki, qiblə hansı tərəfdədir. “Rəhnüma” yəni yol göstərən. Demək olar ki, burada “nüma” – ”göstərən” mənasında işlənir. Necə ki, məsələn, “qiblənüma” – qibləni göstərən, “rəhnüma” – yol göstərən. * * * İndi gəlirik mətləb üstə. Bu axır vaxtlarda müsəlman qəzetələrinin hər bir səhifəsində gözümüzə bu cür sözlər sataşır ki, məsələn, “mollanüma”. Yəni “mollanüma”nın mənası nədir? Bir var “molla”. Bir də yazırlar “mollanüma”. İndi görək “molla”nın mənası nədir. “Qiblənüma” – qibləni göstərən, “rəhnüma” – yolu göstərən, “mollanüma” da gərək ola mollanı göstərən. Hər kəs ki istəyir qibləni tanısın – qiblənümaya baxır, hər kəs istəyir yolu tanısın rəhnümaya baxır, hər kəs istəyir mollanı tanısın – gərək mollaxanaya baxa. * * * Həmişə Bakı qəzetələri Məşqətə kəndinin mollalarından danışanda onları yazırlar “molla”, amma Danabaş kəndinin mollalarına deyirlər “mollanüma”. Guya burada qəzetələr Məşqətə kəndinin mollalarını əsl molla hesab eliyirlər, amma Danabaş kəndinin mollalarına təvafüt qoyurlar. Və lakin bizim lüğətdə bu istilahların təfavütü yoxdur. Hər kəs istəyir ki, Məşqətə kəndinin mollalarını tanısın, getsin Danabaş kəndinin mollanümalarını görsün, çünki molanümanın mənası “molla göstərən”dir. * * * İstəyirsən qibləni tanıyasan bax qiblənümaya. İstəyirsən yolu tanıyasan – bax rəhnümaya. İstəyirsən mollanı tanıyasan- bax mollanümaya. Aşkardır ki, indiyədək qəzetələrimiz mollaları biləyə doluyublar. Guya pis mollaya “mollanüma” demək ilə yaxşı mollalara hörmət qoyurlar. Amma mollalar bunu bilməlidirlər ki, hər kəs qiblə axtaranda qiblənümaya baxır, yol axtaranda rəhnümaya baxır və hər kəs molla axtaranda gərək mollanümaya baxa. Cəmi qəzetələrdən xahiş edirik ki, bundan sonra mollalara sataşmasınlar. Lağlağı “Molla Nəsrəddin”, 18 avqust 1908, №33 * * * Təməllüq Kəlküttədə çıxan “Həblül-mətin” ruznaməsi üçüncü nömrəsində yazır ki, sultan Əbdülhəmid insan deyil, bəlkə məlaikə kimi bir şeydir; yazır ki, sultan Əbdülhəmid “dər qətari-əvvəlin-ricali-siyasəti-aləm bəşümarəst”; yəni siyasət aləmində əvvəlinci adamlardan hesab olunur. Və yazır ki, “hərçənd avropalılar sultan Əbdülhəmidi müstəbid və müxalifi-məşrutiyyət hesab eləyirdilər, amma sultandan artıq məşrutəxah heç bir padşah dünyaya gəlməyibdir”. Söz yox ki, indi “Həblül-mətin”in 3-cü nömrəsini hər bir iranlı oxuyubdur və indi hər bir iranlı bu əqidədə olacaq ki, sultan Əbdülhəmid məlaikə kimi bir şeydir, siyasət aləmində əvvəlinci bir vücuddur və məşrutəxah padşahların hamısından artıq məşrutəxahdır. “Həblül-mətin”in sözləri doğrudur və hərçənd ki, möhtərəm ruznamə dediyi sözlərin heç birinə bir dəlil gətirməyib, amma biz lazım bilirik burada mətləbi bir az açaq ki, oxucular yaxşı başa düşsünlər. Sultan Əbdülhəmid taxta əyləşəndən indiyədək Osmanlı məmləkəti üz qoyub parçalanmağa və puça çıxmağa. Biz bunu görürük və bilirik; çünki Osmanlı məmləkəti bizə yavıqdır. Amma “Həblül-mətin” bunu görmür və bilmir; ondan ötrü ki, Osmanlı ilə Kəlküttənin fasiləsi çoxdur. Lakin biz yenə təsdiq edirik ki, siyasət aləmində, sultanın misli yoxdur; səbəb budur ki, məmləkəti puça çıxarda-çıxarda yenə sultan Əbdülhəmid müsəlmanlar içində o qədər məhəbbət qazanıb ki, hətta bizim dılğır Nuxada və Şamaxıda sultan adı çəkilən kimi, gərək hamı dura ayağa. Sultanın məşrutəxah olmağına da sözümüz yoxdur. Doğrudur, indiyədək sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib; çünkü Kəlküttə çox uzaqdır. Amma biz bunu bilirik; çünki Osmanlı bizim qonşuluğumuzdadır. * * * “Əsalətən əz canibi-xud və niyabətən əz tərəfi-milləti-məşrutəxahi-İran əz in bəxşişi-məşru və inayəti-xosrovanə bəpişgahi-əqdəsi-əla-həzrəti-sultani ərz və izhari-təşəkkür minümayəm…”. Bunu yazır “Həblül-mətin”; çünki biçarə elə bilir ki, osmanlı məşrutəsini yaradan – sultan Əbdülhəmiddir. Biz dərd eləyirik ki, iranlılar içində əvvəlinci dərəcədə hörmət qazanan ruznamə yuxarıdakı sətirlərlə öz səhifələrini ləkələndirir. Böyük adamlara təməllüq eləmək – Mirzə Dadi kimi mərsiyəxanaların peşəsidir. Amma “Həblül-mətin”ə yaraşmaz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 avqust 1908, №34 * * * Qara buludlar Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq. Amma bir vaxt olacaq ki, yenə qara buludlar havanı tutacaqlar. Deyəsən, cavan türklərin də yay fəsli axıra çatır. Və ola bilməz də ki, çatmasın; o səbəbə ki, dünyada heç bir şey baqi deyil; yəni heç bir şey yoxdur ki, bir vaxt dəyişilməsin. * * * “Vəqt” qəzetində oxudum ki, sultanın şeyxi məşhur Şeyx Əbülhüda – ki, indi bu saat Osmanlıda dustaqdır, – cavan türklərə xəbər verib ki, “əgər məni dustaqxanadan çıxartmasanız, tilsim qüvvətilə məşrutiyyəti pozub, köhnə idarəni qaytararam geri”. Bu iş xırda iş deyil və bunu səhl saymaq olmaz. Bu xəbəri qəzetdə oxuyan kimi durdum ayağa və akoşkaya tərəf yeriyib baxdım havaya. Doğrudur, hava hələ açıq idi və günün istisi hələ payızı yada salırdı; amma axşama yavıq bir cür sərin yel başladı əsməyə. Avqust ayının axırlarında çox vaxt belə yeldən sonra hava birdən tutular və qaranlıqlar. * * * Şeyx Əbdülhüda bir tikə də səhv eləmir: müsəlman məşrutiyyətini pozmaq bir saatlıq işdir. Şeyxin fikrini mən istəyirəm bir tövr xəyalıma gətirəm: Şeyx Əbdülhüda bir gün osmanlılara xəbər verəcək ki, “cavan türklər və cəmi məşrutəçilər babidirlər və qanuni-əsasi xilafi-şəbiətdir”. Xudanəkərdə ki, şeyxin ağzından bir belə söz çıxa; amma əgər çıxsa, – dəxi məlumdur ki, nə ola bilər və hər kəs mənə cavab versə ki, “heç zad olmaz, yəni şeyx Əbdülhüda belə sözü danışsa da, dəxi Osmanlı işləri geri qayıtmaz”, – onda mən haman adamdan təvəqqə edərəm ki, mənim qabağıma sübut qoysun, təvəqqə edərəm məni başa salsın görək, Təbrizlə İstambulun nədir təfavütü? * * * Amma zəhrimar olsun bu payız fəsli; qurtarmaq da bilmir, çox uzun olur. Payızdan da sonra qış gəlir; dəxi də qəm artıran. Bahar da ki, Allah bilsin, nə vaxt gələcək… Lağlağı “Molla Nəsrəddin”, 25 avqust 1908, №34 * * * Bəs nə vaxt? Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır. Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam. Kənardan işin zahirinə baxanda, doğrudan, adamın fikrinə gəlir ki, bəlkə həqiqətdə belədir ki, yazırlar. Məsələn, nə qədər bizim darülfünun qurtaran cavanlarımız var, nə qədər bizim qız məktəblərimiz var, qiraətxanalarımız, cəmiyyəti-xeyriyyəmiz, xüsusi məktəb və mədrəsələrimiz və bunlara oxşayan şeylərimiz… Doğrudur, kənardan baxanda o qədər tərəqqi eləmiş görsənirik ki, hətta Buzovna kəndində yun satan Ruhullanın qara tut ağacının möcüz göstərməyinə də şəkk eləyirik. Amma həqiqətdə belədirmi ki, yazırlar? Yəni doğrudurmu ki, qeyri din qardaşlarımıza nisbətən biz çox qabağa getmişik? Mən qorxuram ki, bir az belə olmaya! * * * Hələ Misir, Osmanlı, Əfqanıstan və qeyriləri qalsın kənarda, götürək Allahın İranını ki, həmişə biz ona yuxarıdan-aşağı baxmışıq. Görək hələ İranın yanında biz nəçiyik? İndiyədək İran adı çəkiləndə həmişə bizim yadımıza “xabiqəflət” düşüb; yəni iranlıları “yatan” və özümüzü yuxudan duran hesab eləmişik. Amma indi gəl gör iranlılar nə işdədirlər və biz nə qayırırıq. Neçə yüz ildən sonra biz o dərəcəyə çata bilərik ki, məsələn, öz içimizdən imam cümələri kənar edək? Bizim hansı bir şəhərimizdə Təbriz mir haşımları tapılmaz? Təbrizin yarısı Mir Haşımın qanını içməyə hazırdır; amma bizim mir haşımlar yenə məclislərdə yuxarı başa keçirlər. Əgər biz bəyənmədiyimiz İranda ordubadlı Ağ Seyidin uşaqları gedib kəndlərdə dilsiz-ağızsız və dünyadan bixəbər kəndliləri min hiylə ilə tovlayıb, onların var-yoxunu yığıb gətirələr, – iranlılar belə lotuları dəxi öz içlərinə qoymazlar; amma bizim içimizdə bu cür “ağa”lar ən əziz və möhtərəm vücud hesab olunurlar. Şükr Allaha olsun ki, bizim içimizdə müctəhid Hacı Mirzə Həsən ağalar da var! Amma bizim qəzetlər hər bir nömrələrində müctəhid Hacı Mirzə Həsən ağaya yaman deyə-deyə öz Hacı Mirzə Həsən ağalarımızı guya ki, heç görmürlər. Xorasan vəkili Ağa Mirzə Əli ağaya indi Tehranda və Xorasanda min lənət oxuyurlar. On min lənət oxuyurlar Xoyun İmam Cüməsinə. Yüz min lənət oxuyurlar Şiraz vəkili Hacı Seyid Cəfər ağaya. Min-min lənət oxuyurlar Tehran vəkili Hacı Seyid İbrahim ağaya. Bu saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. İki il bundan irəli bu cənablar İran əhalisinə behiştin açarlarını paylayırdılar, amma indi bunların salamına da cavab verən yoxdur. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənlərimizi tanıyaq? Bir yandan Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb, zəli kimi qanlarını sorurlar, bir yandan da, məsələn, Salyanın Şilli məhəlləsində müsəlman mehmanxanasında (eyib olmasın) ağsaqqal qoca kişilərimiz balkonda əyləşib gözləyirlər, gözləyirlər, axırda qəşəng paltarlı cavan uşaqlar bir-bir gəlib, başlayırlar o tərəf-bu tərəfə keçməyə. Dəxi bunlara mən nə deyim? Allah özü dadımıza çatsın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 sentyabr 1908, №35 * * * Müvafiq qaidə Hər bir xəbər ki Bakıdan gəlir – hamısı müvafiq – qaidədir və heç elə bir xəbər eşitmirsən ki, ağla sığışmasın. Hər nə ki eşidirsən, heç təəccüb eləmirsən və deyirsən ki, elə belə də gərək olsun. Məsələn, bir nümunə gətirək: Deyirlər, günlərin bir günü, yəni bu yavuq vaxtlarda bir iranlı, adı da Məhəmmədəli, adsız-sansız bir kasıb həmşəri nədən söz düşübsə Məhəmmədəli şahın barəsində bir az namehriban danışıb, yəni türki sözü deyib “Məhəmmədəli şah belə-belə olsun” (məsələn, ola bilər ki, deyib Məhəmmədəli şah cəhənnəmə-gora getsin). Bunu bir neçə bakılı eşidir. “Vadə, şahı söyürsən? Olan, bir Allahi söhbət başına qəhətdi, adə Xanqulu, ağacı vər mənə görüm bu həmşəri nə qələt eliyir”. Yazıq iranlı bakılılara yalvarıb deyir ki, “ay qardaşlar, sizə nə dəxli var ki, mən şahı söyürəm? Mən özüm iranlı, şah da özümün, mən də Məhəmmədəli, şah da Məhəmmədəli, hələ bilmirəm sizə nə dəxli var? Əgər şah özgə padşahlar kimi olsaydı, mən gəlib siz tək millətin içinə düşməzdim. Hərdənbir istəyirəm əhli-əyalımı götürüb gedəm vətənimə, amma qorxuram ki, bir gün şah adam göndərib oğlumu apara qata hərəmxanasına. Burada da ki qalıram, eybi yoxdur, qalanda nə olar ki? Bura da bir vilayətdi; hərçənd Bakı da maşallah, cəhənnəmin bir guşəsinə oxşuyur, amma buna mənim ürəyim sıxılmır, ancaq mən bircə şeydən yana dərd eləyirəm: sübh vaxtı həmişə yerimdən durub küçəyə çıxanda gərək üzüm sizin üzünüzə sataşa. Bircə buna ürəyim sıxılır”. Mətləbdən uzaq düşdük. Hələ özgə söhbət qalsın kənarda, qəsdimiz bakılıların şaha kömək çıxmaqlarından danışmaqdır. Hər bir xəbər ki Bakıdan gəlir-hamısı müvafiqi-qaidədir və heç elə bir söz eşitmirsən ki, adamın beyninə batmasın. İndi də eşidirsən ki, bakılılar Məhəmmədəli şahın tərəfini saxlayırlar. Çox müvafiq-qaidə və ağılkəsən işdir. Həmişə mənim yanımda Məhəmmədəli şahın sifətlərini bir-bir sayanda-hər bir şeydən qabaq mənim yadıma Bakı şəhəri düşür. Doğrudan da şaha layiq şəhərdir. Lağlağı “Molla Nəsrəddin”, 1 sentyabr 1908, №35 * * * Müəllimlər Payız fəsli daxil oldu. Dərslər başlandı. İndi müəllimlərimizin barəsində bir az söhbət eləsək, heç pis olmaz. * * * Hər kəs yüz ildən sonra Qafqaz müsəlmanlarının məktəb işlərindən xəbərdar olmaq istəsə, onlar üçün bu bir neçə sətri yazmaq olar: İndi Qafqazda heç müsəlman məktəbi yoxdur ki, orada müəllimlərin içində bir nəfər, ya iki nəfər sarıqlı müəllim olmasın. O ki qaldı hökumət məktəbləri, – əgər orada oxuyan uşaqların bir qədəri müsəlmanlar olsa, burada bir nəfər sarıqlı müəllim əlbəttə tapılar. Bu dediyimiz sarıqlı müəllimlərin bəzisi prixod mollalarıdır, amma çoxu qazılardan və məclis üzvlərindəndirlər; yəni bunların hamısı idareyi-ruhaniyyənin məvacib alan qulluqçularıdır. Həmin sarıqlı müəllimlərimiz öz dairələrində camaat içində nüfuz sahibi bir adamlardır. İdareyi-ruhaniyyə tərəfindən rəsmi qulluqlarından savayı bunlar camaat içində həm vaizdirlər, həm mərsiyəxandırlar və məlumdur ki, heç bir xeyir və şər məclislərimiz bunlarsız ötüşə bilməz. Bununla bərabər, bunların hər biri bir məktəbdə və bəlkə iki-üç məktəbdə müəllim hesab olunurlar. Demək olmaz ki, bu sarıqlı müəllimlərimiz müəllimlikdən çox məvacib alırlar; məsələn, Danabaş kəndində Molla Tarqulu müəllimlikdən ayda on dörd şahı iki qəpik alır. * * * Verdikləri dərs hər yerdə bir cürdür və çox məvacib alanla az məvacib alanın bu barədə təfavütü yoxdur. Əvvələn, nə vaxt ki, kefləri istədi, – dərsə gedəcəklər, nə vaxta ki, kefləri istəmədi, yainki vaxtları olmadı, – getməyəcəklər. Orucluqda və məhərrəmlikdə heç dərs deməzlər; çünki yarmarka vaxtı çox şüğlləri olur.Özgə vaxtlarda da ölü yerinə getsələr, kəbin kəsməyə və talaq verməyə getsələr, qonaqlığa, təziyəyə, mərsiyəyə, müsəllaya, qəbr üstə, camaat namazına, əshabi-kəhf ziyarətinə və qeyri min-min bu cür işlərə məşğul olanda, söz yox, dərsə gedə bilməzlər. Çünki məvacib öz vaxtında yetişəcək. Məsələn, Bakıda Molla Ruhulla əfəndi həmişə məsciddə və minbərdə ola-ola iki şəhər məktəbində və bir də “Səadət”də, ya qeyri bir məktəbdə müəllim hesab olunur. Amma şəhər məktəblərinin birində, məsələn, ildə yetmiş beş dərsin qırx beşini ötürür və ancaq otuz dərsə gedə bilir. Dəxi yazıq nə eləsin, parçalana bilməz ki? * * * Verdikləri dərslər də həmişə bir cürdür: əvvəlinci şöbədə – şəkkiyyat, ikinci şöbədə – Övc-ibn-Ünqün tərifi, üçüncü şöbədə – “səngini-bədəni-xudra bər payi-çəp əndazəd”. Hər yerdə bir cürdür: istər Danabaş kəndində, istər Ordubad mədrəsələrində, istər Tiflis gimnaziyalarında, istər Bakının behiştlik məktəblərində. Hələ bu dəfəliyə bəsdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 sentyabr 1908, №36 * * * Şeytan Şeytan, şeytan, şeytan… Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış – evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq. Belə fərz edək ki, indi rəməzan daxil oldu. Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyalarımıza?, qolu çomaqlılarımıza və qoçularımıza rəhmət oxuyub, axırda deyəcəklər: “allah şeytana lənət eləsin!”. Balaca uşaqlarımızı “xortdan”dan və “damdabaca”dan qorxuzan kimi, müsəlmanları “əyyami-tüfuliyyət”də? şeytandan qorxuzublar ki, bir-birini öldürməsin və bir-birinin toyüğünü oğurlamasın. Balaca uşaqlar gecələr yatmayıb şıltaq eləyəndə, anaları istəyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər, ya görsünlər niyə uşaq ağlayır və bəlkə uşağı birə sancır, ya bəlkə bir özgə dərdi var. Tənbəl analar uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. Uşaq, doğrudur, sakit olub, amma on beş yaşa çatana kimi uşaq elə bilib ki, dünyada bir xortdan var ki, gecələr gəlib ağlayan uşaqları götürüb aparır qaranlıq meşələrə… Həmçinin böyüklərimiz… Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir onu yoldan çıxartsın. Müsəlmanın təsəvvüründə bu şeytan bir hiyləgər məxluqdur, başında bir taskülah var, məsələn, Naxçıvanda balaca uşaqlar başlarına qoyan kimi bir şeydir və bu taskülahın ucu mizdir və ucundan zınqırov asılıb və bu şeytanın gödək paltarı var və şeytanın quyruğu var; gözündən biclik yağır və bir gözü də kordur. Bir gün bu kor şeytan istədi Bəni-İsrail qövmündən Bər Sisa adında bir abidi yoldan çıxartsın və fikirləşdi, fikirləşdi, axırda bir qızı xəstə elədi və qızın qohumlarına dedi ki, bu qızın davası həmin abidin əlindədir. Qızı apardılar abidin yanına və məlun şeytan abidi yoldan çıxartdı. Və yenə rəvayətdir ki, İstambulda iranlı və qafqazlı hürriyyətpərəstləri beş yüz lirə cəm eləmişdilər ki, göndərsinlər Təbrizin füqərasına və istəyirdilər bu pulları Qastilla adında bir Rum taciri vasitəsilə göndərsinlər, amma kor şeytan gedib iki nəfər şəxsin paltarını geyib (bu iki nəfərin biri “dəstmalçı” və biri də Hacı Həsənəlidir), bəli, bu iki nəfərin paltarını geyib, gedib Qastillaya gizlincə deyib ki, bu pul gedir Səttarxana patron-tüfəng almağa, xəbər verərik Rəhimxana sənin evini və kantorunu Təbrizdə dağıdar. Bu minvalla kor şeytan qoymur yığılmış pullar göndərilsin Təbrizə. Özgə bir millət düşməndən ehtiyat eləyəndə müsəlman şeytandan qorxur; özgələri meşədə ayıdan ehtiyat eləyəndə müsəlmanın yadına “div” düşür; çöllərdə birisi qurddan qorxanda müsəlman “quli-biyabani”dən qorxur; özgə millət bir qaranlıq yerdə heç bir şeydən qorxmayanda, otuz beş yaşında igid müsəlman “cin”dən qorxur. Cindən, pirdən, mardan, cəldən, siyahdan, hənacədən, tərfandan, sələbdən… dünya və aləmdən müsəlman qorxur. Həmişə müsəlman Allahı köməyə çağıranda deyir ki, “bari pərvərdigara, sən məni şeytandan saxla!”, “pənah aparıram Allaha şeytanirəcimdən”. “Tərəqqi”nin “Həmin adam”ı elə xəyal eləməsin ki, burada şeytandan murad Qarabağ və Naxçıvan şeytanlarıdır. Burada şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb; həmin kor şeytandır ki, müsəlman kitablarının hamısında onun tərifi var; haman kor şeytandır ki, indi bu saat Qarayazı kəndində “molla davası” salıb və axırda iş o yerə çatıb ki, mollaların ikisi də gəliblər Tiflisə və hərəsi dalına üç kəllə qənd alıb, biri qəndi daşıyır konsulxanaya, biri daşıyır şeyxülislamın idarəsinə. Allah şeytana lənət eləsin! Hələ çox çəkər… Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 sentyabr 1908, №37 * * * Müsəlman adları Bu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər. Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”. Söz yox ki, idarənin borcudur bu kağıza əməl eləsin. Əvvəl gərək açaq dəftəri, Məşədi Qasımın adını tapaq. İrəvanı pozaq və yazaq Naxçıvan. Açırıq dəftəri, baxırıq, baxırıq, axtarırıq, axtarırıq, amma tapılmır. Məlum olsun ki, müştərilərin adları əlifba qaydası ilə yazılır. Məsələn, Məşədi Qasım kimi adlar məşədilərin cərgəsində yazılır, məsələn, Məşədi Qasım, Məşdi Heydər, Məşədi Əli, Məşədi Haqverdi… Amma Məşədi Qasıməli tapılmır. Axtarırıq, axtarırıq və yoruluruq. Axırda necə zəhmətlərdən və başağrısından sonra məlum olur ki, “qaf” hərfinin cərgəsində yazılıb: “Qasım Hacı Pirverdi oğlu”. Demək ki, bu alicənab üç-dörd ay bundan qabaq məhz Qasım imiş və ziyarətə müşərrəf olandan sonra olub “Məşədi Qasım”. Bu belə. Hələ bu cür də olur: Məsələn, Kərbəlayi Baxşəli Hacı Bağır oğlu yazır ki, “mənim filan nömrüm gəlib çatmadı, təvəqqə edirəm göndərəsiniz”. Biz genə məcburuq bu şəxsin adını kitabda tapıb görək bu adam bizə nə vaxt və nə qədər pul göndərib və bəlkə pulunun müddəti tamam olub ki, biz bunun jurnalını kəsmişik. Axtarırıq “Kərbəyalı Bəxşəli, Kərbəlayı Bəxşəli, Kərbəlayı Bəxşəli” – tapılmır. İki gün axtarırıq tapılmır. Sonra məlum olur ki, “ba” cərgəsində yazılıb müştəri “Bağırov Kərbəlayı Baxış”. Yəni il başında bizə abunə yazılanda adını yazıb Bağırov Kərbəlayı Baxış, amma indi kağızda adını yazır “Kərbəlayı Baxşəli Hacı Bağır oğlu”. Məhz qəzetxana işindən xəbərdar olan bilər ki, bu cür ad dəyişmək məsələsi nə qədər idarələrin zəhmətini artırır. Hamı görür ki, müştərilərimizin adreslərinin üstünə bir nömrə qoymuşuq və hər müştərinin bir nömrəsi var. Özgə millətlər içində müştəri idarəyə kağız yazanda çox vaxt heç adını da yazmır. Məhz yazır “filan nömrədə yazılan müştəri”, məsələn, müştəri nömrə 195. Əgər belə yazılsa, biz kor da olsaq, haman dəqiqə müştərinin adını taparıq. Amma indiyədək bir nəfər adam olmayıb ki, bizə kağız yazanda nömrəsini nişan versin. * * * Bu da belə. Ad dəyişməkdə müsəlmanlara heç bir millət çatmaz. Biri yazır: “Mirzə Əhməd Əhmədzadə”, haman adam bir özgə yerdə yazır: “Ağa Məhəmməd Əhməd oğlu”, o biri gün yazır; “Məhəmməd ibn Əhməd”. Çox ittifaq düşüb ki, səhvən bir adamın adını biz dörd yerdə dəftərə yazmışıq. Sonra məlum olubdur ki, bu dörd adam ancaq haman bir adam imiş. Bir vaxt var idi ki, müsəlmanlar hamısı “of” idilər. Sonra hürriyyət söhbəti başlandı və müsəlmanlar hamısı “zadə” oldular. İndi də adamlar qarışıb bir-birinə: rusca yazırlar: “Mahmudov”, müsəlmanca yazırlar: “Mahmudzadə”, rusca: “Axundov”, müsəlmanca: “Axunzadə”. * * * Millətlər içində söylüyürlər ki, müsəlmanların heç bir şeyi dəyişmək ilə araları yoxdu: Doğrudan, köhnə adətlərimizi müqəddəs kimi bir şey hesab eliyirik və bozbaşın çölməyini də dəyişib özgə çölməkdə bozbaş bişirənləri babi hesab eliyirik. Amma ad dəyişməkdə dünyada mislimiz yoxdur. Hər bir kərbəlayı və məşədi küçədə bir aşnasına rast gələndə çox vaxt ona diqqət tutur ki, “ay namərd, hələ indiyə kimi niyə adını dəyişmiyibsən?”. Lağlağı “Molla Nəsrəddin”, 15 sentyabr 1908, №37 * * * Hümayun Qəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub. Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “. Doğrudur, Qafqaz şəhərinə təzə konsul varid olanda cəmi iranlılar uşaq kimi qaçırlar konsulun pişvasına. Nəinki ondan ötrü qaçırlar ki, Zəhiri-Hümayuna aşiqdirlər, xeyr, Zəhiri-Hümayunu hələ onlar görmüyüblər. Ondan ötrü qaçırlar ki, konsulun gözünə görsənsinlər və bir vaxt konsul onlara zülm eliyəndə desinlər: “Ay namərd, axır sən bizim şəhərə təşrif gətirən günü mən bir cüt başmaq yırtdım!..” Aşkar işdir ki, hələ hamballar və əttarlar Zəhiri-Hümayun cənablarını tanımırlar. Zəhiri-Hümayun cənablarını ancaq biz tanıyırıq. Bizə məlumdur ki, bu cənab Hacı Müfaxirüddövlənin bacısı oğludur və bir vaxt Təbrizdə Acı körpüsünü tərəziyə qoyub satanda Zəhiri-Hümayun cənabları daşların hesabını tuturdu. “Zəbani-ingilisira bətövri mükəmməl dara həstənd, cinon çe dər Bombay təhsili-ümumi-cədidəra baingilis nəmudə…” Allah yalançının evini dağıtsın! Qardaş, gəl əyri oturaq, düz danışaq. Mükəmməl ingiliscə bilən konsulu nə səbəbə Bəndər-bişəhr kimi yerə göndərmirlər, göndərirlər İrəvana. İrəvan həmşərisinə “ədə qırışmal, gəl bilet al” deməkdən ötrü məgər mükəmməl ingiliscə bilmək də lazımdır? Sən yazırsan ki, konsul cənabları ingilis dilini Bombeydə təhsil eliyib. Amma vəbalı deyənlərin boynuna olsun, deyirlər ki, Zəhiri-Hümayun cənabları ömründə heç Bombeyi görmüyübdür də. O ki qaldı rusca bilməyi, bu barədə heç sözum yoxdur, ola bilər ki, Təbrizdə Acı körpü məsələsində rusca bir az bilməyi lazım görüb Şapşal rəfiqindən rusca bir az dərs alıb. Amma bəndəyə məlum olan budur ki, yavuqlarda konsul cənabları Tiflisdə fayton ilə konsulxanaya düşəndə faytonçu ilə pul hesabını kəsməkdən ötrü küçədən keçən bir yad adamdan soruşurdu ki, “aşna, sən Allah, sən rusca bilirsən, gəl bu faytonçu ilə mənim hesabımı kəs”. Vəbalı görənlərin və eşidənlərin boynuna. Rüşəvət alıb, ya bir dəfə “mən ölümə” aldanıb Hümayunlar barəsində qəzetələrə uzun təriflər yazmaq çox asandır, amma bu zibilləri təmizləmək bir az çətindir. Bir də bir belə söz gözümə sataşdı ki, guya cənab konsul İrəvana gəlibdir “bəraji-pərəstariyi-müştiyirüəya-İran”. Amma mən elə qanıram ki, bu sözlər konsul barəsində tamamən böhtandır və böhtan danışmaq da yaxşı iş deyil. Bunlar keçəndən sora hələ sən bir mənə de görüm, necə utanmadın o qədər Təbriz sözlərini götürüb qəzetəyə yazdın? Vallah, eyibdi!.. Lağlağı “Molla Nəsrəddin”, 22 sentyabr 1908, №38 * * * Lal oyunu Allah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq. “Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı. Bu günlərdə Şamaxı məktəblərində müəllimin biri uşaqlara rus dilini belə öyrədirmiş: müəllim müsəlman uşaqlarından soruşub “isladki” nədir? Müsəlman uşaqları biliblər ki, “isladki”, yəni şirin deməkdir. Amma qorxublar müsəlmanca deməyiblər və mat qalıb baxıblar müəllimin üzünə. Müəllim cibindən bir tikə qənd çıxardıb qoyub uşaqların birinin ağzına və deyib “vot isladki”, yəni “bax, şirin buna deyərlər”. Sonra müəllim genə soruşub “qorki” nədir? Uşaqların bir parası bilirmiş ki “qorki” acı deməkdir, amma bir kəs səsini çıxartmayıb (çünki lal oyunu qaydası ilə müsəlmanca bir söz də danışmaq olmaz). Bəli, müəllim görüb ki, uşaqlar dinmirlər, yavaşca cibindən bir balaca kağıza bükülmüş bir atım “kinə” çıxardıb (haman kinə ki, qızdırmalıya verərlər) istəyib qoysun uşaqların birinin ağzına, uşaq istəməyib kinəni yesin. Müəllim uşaqlara hökm eləyib, bu biədəb uşağı çığırda-çığırda yıxıblar yerə və kinəni zornan doldurublar uşağın ağzına. Elə ki, uşaq başlayıb ağız-gözünü turşutmağa, müəllim deyib: “Bax “qorki” buna deyərlər”. Bir gün də küçədən keçənlər baxıb görüblər ki, məktəbdə uşaqların hamısı bir-birilə öpüşür. Sonra məlum olub ki, uçitel istəyirmiş uşaqlara “tselovat” sözünün mənasını öyrətsin. Bir neçə məşədi bunu görcək məktəbin rəisinə ərizə aparıb veriblər ki, “biz də rusca oxumaq istəyirik”. Qərəz ki, heç belə dərs olmaz! Dəli “Molla Nəsrəddin”, 22 sentyabr 1908, №38 * * * Politika aləmindən Politika aləmində bu günlərdə iki əhəmiyyətli hadisə əmələ gəlib: Bolqariya hökuməti Osmanlı sultanının itaətindən çıxıb, müstəqil hökumət olmağını rəsmi surətdə elan etdi və Avstriya hökuməti Bosniya və Hersək vilayətini sahibləndiyini Avropaya xəbər verdi. Bosniya və Hersək Osmanlı vilayətlərindəndir. Dəxi bu barədə biz nə yazaq? Allah mərdümazara lənət eləsin. Hələ mən bu Avstriyanın və Bolqariyanın bir işinə təəccüb eləyirəm: indi hələ zorbazorluq eləyirlər. Onunla işim yoxdur; çünki dünyanın qaydası bunadır. İndi gəl sən bunların bicliyinə bax: Avstriya günahı Bolqariyanın boynuna yıxır, deyir ki, Bolqariya cızığından çıxmayaydı, mən də Osmanlı torpağını zəbt eləməyəydim; Bolqariya da deyir ki, mən də Avstriyanın acığına çızığımdan çıxdım. O niyə xalqın yerini zorlayır, mən də zor eləyəcəyəm… Xülasə, bunları zarafat üçün yazırıq. Amma doğrudan da, Avstriya və Bolqariya indi az qalıblar elə belə danışalar; çünki əllərində heç bir bəhanə yoxdur. * * * Mən səhərlər yerimdən durub, akoşkadan küçəyə baxıb görürəm ki, bir gürcü bir ulağın üstə iki səbət qara üzüm çatıb, çığıra-çığıra satır. Mən buna heç təəccüb eləmirəm. Bir yandan da eşidəndə ki, bir balaca hökumət, yainki böyük hökumət Osmanlının bir tərəfini sahibləndi – buna da təəccüb eləmirəm. Nə kəndlinin üzüm satmağına təəccüb eləyirəm, nə Osmanlının xırdalanmağına. Doğrudan, bəlkə Osmanlı hökumətinə göz dəydi? Axır keçən vaxtlarda Osmanlı adı gələndə zəlzələ olardı? Allah bədnəzərdən saxlasın. * * * Heç sözüm yoxdur, hələ bunlar da heç. İndi bundan aşağı bir neçə söz deyəcəyəm; amma zarafatnan deməyəcəyəm. Vallah, billah doğru və ciddi danışacağam. Bu işlərin hamısına biz gərək təəssüf edək və məhəbbətimizi osmanlı qardaşlarımızdan uzaq eləməyək. Təəssüf edək ki, bunlar insaniyyət və mədəniyyət yoluna təzə qədəm qoyduqları yerdə Avstriya və Bolqariya hökumətlərinin hərəkətlərindən nəhayət dərəcədə məyus oldular. Amma burda bircə mətləb var. Kimdir müqəssir? Doğrudur, Avstriya, Bolqariya düz iş tutmayıblar; doğrudur, bunlar insaniyyət və beynəlmiləl qanunlarını pozublar. Amma yenə axtaraq, görək kimdir burda günahkar? Niyə bu işlər belə olur? Niyə elə dünyada hər nə bəla var, – müsəlmanların başına gəlir? Biz deyirik ki, Avropa hökumətləri xəyallarında qoyublar cəmi müsəlman hökumətlərini yer üzündən götürüb, özlərinə müti eləsinlər. Amma mən deyirəm ki, Avropa hökumətləri gözləyirlər ki, nə vaxt müsəlman hökumətləri öz-özlərini yer üzündən götürsələr, o vədə onlar da müsəlmanları sahiblənsinlər. Düşmən bizə zor eləyəndə bir ona lənət oxuyub, otururuq yerimizdə; amma bunu yadımızdan çıxardırıq ki, güclünün peşəsi zəifi ələ gətirməkdir. Avstriyadan küsürük ki, bir tikə vilayətimizi zəbt elədi; amma indi Avstriya yeddi milyonluq qoşununu Osmanlı sərhəddinə yeritsə, gərək yalvarıb döşənək ayağına və deyək ki, “halal xoşun olsun”. Bolqariyadan narazıyıq ki, niyə Suri-İsrafil çalınana kimi bizə baş yendirmədi? Amma gözümüzün qabağında ola-ola bunu indiyə kimi fikirləşməmişik ki, osmanlı zülmündən xilas olandan indiyədək məşrutə sayəsində Bolqariya hökuməti üz qoyub tərəqqiyə. Bunu düşünməmişik ki, Bolqariyada hökumət qanununa görə altı yaşından on iki yaşına kimi uşaqlar məcburən gərək məktəbə gedələr. Hələ min səkkiz yüz həştad səkkizinci ilin statistik hesabına görə, Bolqariyada yüz yetmiş iki min oğlan uşağı və qırx min qız uşağı ancaq mübtədi məktəblərdə dərs oxuyurmuşlar, savayı orta və uca məktəblərdə. Bəli, bir balaca Bolqariyada. Amma biz?... Bolqariya və Avstriya bizi təsxir eləyəndə biz darülfünunlarımızda, məsələn, bir kitabı açırıq tələbənin qabağına və deyirik: “Hey, oxu” və tələbə də səcdəyə düşən kimi, başını aşağı əyib, yırğalana-yırğalana oxuyur: “Fəsli-çəharüm. Dər təsxiri-afitab. Şəxsi ki xahəd təsxiri-afitab konəd, bayəd hər ruz dübarə qüsl konəd və caməhayi-zərd ya sürx bepuşəd və təzimi-afitab konəd. Bəd əz on şürudər təsxir nümayəd və bayəd ruzi dü bar daxili-məndil şəvəd və bəin əcza bexur konəd: kəndiri-səfid, zəfəran, müşk, güli-sərv, həlileyi-zərd və güli-ənar və udi-qumar və kəfi-dərya bərabər kuftə və puxtə hər ruzi pəncahü yekküm şəvəd, cəmi künuz və dəfain ərz dər nəzəri-vey bəcilvə dər ayəd və ruhi-afitab besurəthayi xub beyayəd və ba u besüxən məşğul şavəd”. Vəssəlam. Dəxi nə istəyirsən? Gözəl surətləri aldın ixtiyarına, istəyirsən hər gün birini siğə elə; yoxsa nə bilim, Bolqariya belə gəldi, Avstriya elə getdi. Cəhənnəmə getsin hər ikisi. Başım ağrıyır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 sentyabr 1908, №39 * * * Bir para sözlər Osmanlı kəndlərində və xırda şəhərlərində indi heç kəsin xəbəri yoxdur ki, dunyada nə işlər törəyir. O səbəbə ki, Osmanlıda qəzet və jurnallar həmişə qədəğən olublar. * * * Yaranmışların hamısı öləcək: istər gəda ola, istər padşah ola; necə ki, mərsiyəxanlarımız hər gun müsəlmanlara deyirlər: “öləcəksən, əgər ki, şah olasan”. * * * Uzun arxalıqla qanuni-əsasi heç vaxt bir-birini tutmaz. Hər kəs uzun arxalıq geyir, -gərək qanuni-əsasidən əl çəksin. * * * Şəhərlərin birində bizim jurnal satan vəkilimiz baxıb görüb ki, jurnal alanlar oxuyandan sonra jurnalı verirlər bir özgəsinə oxumağa və bu cəhətdən jurnalımız az satılır. Vəkilimiz gedib polisəyə şikayət edib ki, bu qaydanı hökumət qədəğən eləsin. Polisə cavab verib ki, “mənə bunun dəxli yoxdur”. * * * Dünən bir müsəlman idarəmizə gəlib və əlində bir müsəlman qəzeti gətirib soruşur: – Ay Molla Nəsrəddin, sən Allah, bir de görüm bu nə vilayətdir ki, yazılıb: “bu sənə”-Dedim: Bu vilayət qabaqca Osmanlı vilayətlərindən idi ki, indi oranı Avstriya qəsb eləyib. Müsəlman bir az baxandan sonra yenə barmağını qəzetin bir yerinə qoyub soruşdu ki, “Hərsək” vilayətinə niyə belə pis ad qoyublar? Məgər burada çox it olur? Mən dedim ki, “yox ondan ötrü deyil, “hərsək” fars sözü deyil, vilayət adıdır, o da Bosniya kimi şeydir”. Müsəlman gedəndən sonra öz-özümə dedim: “hələ biz də bu hürufat ilə istəyirik ki, özgə millətlərlə kəllə-kəlləyə verək”. * * * Gəncə üzümü çox yeməli olur. * * * Sultan Əbdulhəmidin məxsusi şeyxi özü kimi müftəxor mollalara şeyxlik icazənaməsi paylayıb, rüşvətləri ciblərinə dolduranda nə sultan Həmidin, nə şeyxlərin yadına düşürdü ki, bir vaxt olar, bolqarlar, kritlər və bosniyalar Osmanlını atıb gedərlər özgələrə yapışarlar; necə ki, aşıqlar oxuyarlar: “bir vaxt olar sən də məni atarsan”. * * * Tehranda şeyx Fəzlullah “Əsrari-Qasimi” kitabının üzündən təzə qanuni-əsasi yazıb. Amma deyirlər ki, zalım oğlu çox yaxşı yazıb. * * * Belə görürəm ki, Avropa hökumətləri bir az çığır-bağırdan sonra Bolqariya və Avstriya məsələsini axırda Allaha tapşıracaqlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40 * * * Mömin Mömin adam əmanətə xəyanət etməz. Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub. İndi bu yazığın işi lap çətinə düşüb. Bu da bilmir xalqa zülm eləsin, ya eləməsin. Əgər bu da başlıyıb zülm eləsə, genə camaat başlayacaqlar bunu da daşa basmağa. Məlumdur ki, Culfada nataraş adam çoxdu. Bura da Hind arxı deyil ki, pasrednik nə istəyir eləsin, yainki İrəvan şəhəri deyil ki, dövlətli hacılar bankı əllərinə alsınlar və banka veksil gətirən müsəlmanları hər tövr incitmək ilə nüfuz qazansınlar. Bəli, Məşədi Muxtar indi bilmir nə eləsin: zülm eləsə, olmuyacaq, eləməsə də-əmanətə xəyanət eləmiş olacaq, bunu da ki öz üstünə götürə bilməz, çünki kişi bir mömin adamdır. Məsələn, bir həftə bundan irəli Xanməhəmməd adında bir nəfər adam dağdan iki pud təndir torpağı qazıb gətirmişdi ki, keçirdib rus tərəfində satsın. Məşədi Muxtar xəbərdar olub bəzi sual-cavabdan sora Xanməhəmməd on səkkiz manat cərimə alıb və deyib ki, “Ağa Həsən Həncəli məni əmin bilib bu kəndləri mənə tapşırıb və İranda hər nə qədər dağ var, hamısı Ağa Həsənindir. İndi bu cəriməni əgər mən almasam, əmanətə xəyanət olar; bunu da ki, mən eliyə bilmənəm çünki mən bir mömin adamam”. Doğrudan, yazıq Məşədi Muxtarın işi lap çətinə düşüb. Əgər zülm eləsə-olmuyacaq, əgər eləməsə, bu da olmuyacaq, çünki kişi Ağa Həsənin vəkilidir, mömin ola-ola əmanətə xəyanət eliyə bilməz. Doğrudan da, çox çətin işdi. Cırcırama “Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40 * * * Dava xəbərləri Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək. Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin. Qəzetələr yazırlar ki, Avstriyanın cavabı Məhəmmədəli şaha və ingilis hökumətinə xoş gəlmiyib. Bəlkə bunun nəticəsidir ki, Balkan dəryasına ingilis hökumətinin dörd hərbi gəmisi gəlib və şahın tərəfindən genə dörd hərbi gəmi Ənzəli dəryasından keçib Naxçıvan çayına. Və Qafqaz dağlarını ötüb konsul naibinin sərkərdəliyi ilə gəmilər keçəcəklər Qara dəryaya. Səkkiz yüz min də piyada qoşun Əmir Bahadırın rəyasəti ilə Yapon davasına gedir. Davanın nəticəsi bağlıdır Hacı Nəcmüddövlənin təqviminə. Odur ki, ha bir ucdan təqvimdir ki, Tehrandan Avropa şəhərlərinə istənilir. Kitab burada lazım olar və belə kitab lazımdır yazmaq ki, “rus-meydan” lazım olsun. Yoxsa ha Bakı müəllimləri “İkinci il” adında qiraət kitabı yazsınlar. Bütün Qafqazda əvvəlinci dəfə yazılan qiraət kitabından indiyədək ancaq on altı cild satılıbdır; onun yarısı nisyə, bir qədəri də “nəxünək”. Bütün Qafqazda bircə dənə qiraət kitabı; on altı cild, məktəblər açılan zaman, payızın əvvəl ayında (ürəyini sıxma, inşallah, xərmən vaxtı dağılar). Hələ mənə bax, davadan danışa-danışa gör hara gəldim çıxdım. Bu xəbərlərdən savayı iki xəbər də var. Biri budur ki, guya İstambulda beş yüz molla cəm olublar küçəyə və bağıra-bağıra saraya yavuqlaşıb sultandan da tələb eliyiblər ki, qanuni-əsasini puç eləsin. Bir xəbər də budur ki, bir firqə əmələ gəlib qanuni-əsasiyə düşmənçilik göstərir və guya əl altından Sultan Əbdülhəmid də bu firqəyə daxildir. Bir xəbər var ki, insanın ağlı kəsir, bir xəbər də var ki, insanın ağlı kəsmir. Təklif arifindir. Lağlağı “Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40 * * * Bir para xəbərlər Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”. Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər. * * * Arvad dedim, bir mətləb yadıma düşdü. İndiyədək arvadlarımızın müsəlman kişilərindən bürünüb qaçmaqlarının mənfəəti bircə erməni toyçularına olurdu, çünki arvadlar toylara müsəlman toyçularını qoymurdular. İndi də müsəlman arvadlarına yəhudilər də başlıyıblar dadanmağa. Məsələn, Zabrat kəndində bir nəfər yəhudi kişisi əmələ gəlib və müsəlman arvadından on manat alıb dua yazır ki, əri onun üstünə özgə arvad almasın. Birinə dua yazır ki, oğlu olsun, birinə dua yazır ki, əri onu çox istəsin. * * * Cəbrayılda daşkəndli Mirzə Mehdi camaata xəbər verib k, qəzetə oxuyanların hamısı cəlili-məzhəbdir. Şuşada da Kərim əfəndi beləfərmayiş edib ki, ərşin günbatan tərəfində poladdan bir sandıq var, içində bir ilan, səkkiz yüz min başı var, on altı yüz min dili var. Hər kəs rusi şalvar geyə və qəzetə oxuya ilan ona lənət oxuyacaq. * * * Tiflisdə bir gürcü var, peşəsi saxsı qab alıb-satmaqdır. Orucluğa bir neçə gün qalmış bu gürcü bir həmşəridən soruşur ki, “aşna sizin lüleyin bayramına neçə gün qalır?” Həmşəri deyir ki, bizim “lüleyin bayramımız yoxdu”. Qab satan deyir: “Bəs o hansı bayramdı ki, siz “pəhriz” saxlayırsınız?” Həmşəri cavab verir ki, “o bizim ramazan ayımızdır”. Gürcü deyir: “Aha, Allah atana rəhmət eləsin, elə mən də o bayramı deyirəm, çünki sizin “pəhriz” yetişəndə müsəlmanlar dəstə-dəstə gəlib məndən lüleyin alırlar. Amma pəhriz qurtarandan sonra bir parası da gətirib lüleyini yarı qiymətə qaytarır”. Lağlağı “Molla Nəsrəddin”, 13 oktyabr 1908, №41 * * * Novruz “Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz. Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb. Ol vaxtlar mədrəsədə altmış nəfər şagird elm oxumağa məşğul idi, amma indi altmış nəfər şagirdin mədrəsədə ancaq on dörd nəfəri qalıb. İş o yerə yetişib ki, uşaq sahibləri müftə də qoymurlar uşaqları gedib dərs oxusunlar. * * * Allah Davudxan cənablarına ömür versin: bizi böyük zəhmətdən qurtardı; çünki vitse-konsul cənabları haman məktubda bir-iki söz yazıb və bu bir-iki söz işin əsl həqiqətini necə ki lazımdır bəyan edir. Yoxsa indi “Tərəqqi”nin 86-cı nömrəsi gedə çıxa Bolqariya, Serbiya və qeyri millətlərin içinə və onlar oxuyub görələr ki, Vladiqafqazda İran hacı və məşədiləri razı olmurlar ki, uşaqları məccani də gedib mədrəsədə dərs oxusunlar, əgər Davudxan cənabları mətləbi açmasaydı, müsəlmanları tanımayan əcnəbi millətlər elə bilərdilər ki, bəlkə mədrəsənin yolu Bakı müsəlmanlarının məhəlləsindən düşüb, ya bəlkə mədrəsədə qara əqrəb peyda olub ki, uşaqları sancıb öldürür, ya bəlkə mədrəsədə şagirdlərə Ağdaş hacıları satan undan çörək bişirib verirlər və haman çörək uşaqları şişirdir, axırda öldurur. Allah ömür versin, Davudxan cənabları bizi qeyddən qurtardı. Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir. Niyə Vladiqafqaz iranlıları uşaqlarını “Novruz” mədrəsəsinə qoymurlar; müftə oxumağa da qoymurlar? Ondan ötrü qoymurlar ki, vitse-konsul cənabları məktəbin məsarifini “veçer” vermək ilə və bu növ “haram” vasitələr ilə yığır. “Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. Məlumdur ki, Vladiqafqazda verilən veçerlərə müsəlmanlardan savayı rus və qeyri millətlərdən də gələn olub və bu da yəqindir ki, “veçer”dən yığılan pulların içinə “kafir”lərin pullarından da daxil olub. Qardaş, zornan ki, deyil? Mən istəmirəm ki, mənim uşağım belə “fənd”lər ilə cəm olan pullarnan dərs oxusun! Sözün nədir? Özüm də ki, pul vermək istəmirəm. Ya heç pulum yoxdur-uşağımı da oxutmaram. Amma məktubun axırında konsul yazdıqları bu sözlər çox ləzzətli sözlərdir: “veçer” verib pul yığıram, deyirlər bu pullar haramdır, təklif edirəm ki, özləri pul yığsınlar, deyirlər ki, bu da haramdır; istəyirəm mədrəsəni bağlayam, buna da razı olmurlar. Deyirəm elədə uşağınızı gətirin, barı müftə oxusunlar, – bunu da qəbul etmirlər. * * * Vallah olmayacaq, beləliklə başa gəlməyəcək! Çoxdan suvanmış divara təzə suvaq çəkəndə lazımdır ki, köhnə suvağı qaşıyıb yerə tökmək, sonra təzə suvaq çəkmək. Yoxsa köhnə suvağın üstünə təzə suvaq çəksən, köhnəni də divardan qopardıb özü də tökülər yerə və divar sahibinin novruzunu “şami-qəriban”a döndərər. Hacı ki, veçerdən yığılan pulu haram bilib, uşağını məktəbə qoymur, – dəxi burada heç söz danışmaq olmaz; çünki o belə qanır və belə də əməl eləyir. Lazımdır hacının əfkarının köhnə suvağını qaşıyıb tökmək yerə, sonra təzə suvaq çəkmək. Bu da uzun işdir! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 oktyabr 1908, №41 * * * Xoş amədi “Hər dəm əzin bağ bəri mirəsəd”. * * * “Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq. Amma bir neçə mətləbi başa düşmədik. Ola bilər ki, bu məqalələri bizə tərcümə eliyən adam bizi yaxşı başa sala bilmiyib. * * * Abdulla bəyin yazdıqlarından bunu bildik ki, bu cənab Firəngistanı və qeyr məmləkətləri gəzə-gəzə bir də baxıb görüb ki, orucluq yaxınlaşır. Yazıq işlərini yarımçıq qoyub və şey-şüyünü tələsik götürüb vurub qoltuğuna – düz vağzala və bileti Firəngistandan birbaş Bakıya alıb ki, (öz yazdığına görə) “Ramazani – şərifi Qafqasiyada və bilxassə Bakıda ixvani-dini arasında keçirsin”. Biz təcrübəmizə arxalanıb inana bilmənik ki, illər ilə Avropa şəhərlərində qalan, firəng elmlərini təhsil eləmiş, Fransa hökumətinin ruhaniyyətdən ayrılmağını, yəni keşişlərin Fransadan qovulmağını xoşluyan ziyalı bir müsəlman Parijdə otura-otura birdən baxıb görə ki, ramazan ayı yavuqlaşır və birdən Bakı qoçularını yadına sala və cibindən dəsmalını çıxardıb gözlərinin yaşını silə-silə gələ çıxa Bakıya ki, ramazan ayını burada qalıb ibadətə məşğul olsun. Bizim Molla Nəsrəddin dilində buna deyəllər “avam camaatı tovlayıb ələ salmaq”. Ondan ötrü ki, dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. Və lakin bunnan işimiz yoxdur, bu işləri tapşırırıq haman üdəbamızın öz insafına, oruc tutanları da və yeyənləri də tapşırırıq Allaha və qara camaatımızın gözünə torpaq səpənləri də tapşırırıq möhtərəm oxucularımıza. Başa düşmədiyimiz mətləblərin ikincisi budur ki, Abdulla bəy həzrətləri Parijdə tədqiqi-ədyan cəmiyyətində firəngləri istəyib inandırsın ki, dünya xəlq olunandan indiyədək yer üzündə cəmi müsəlman məmləkətləri məhz cümhuriyyət üsulu ilə idarə olunublar və Avropada indi gördüyümüz cümhuriyyətlər və qanuni-əsasilər təmamən müsəlmanlardan götürülüblər. Bəlkə biz yaxşı başa düşməmişik. Biz elə bilirik ki, avropalılar və ağıllı insanlar uzun sözlərdən artıq qısa əmələ baxarlar. Müsəlmanları avropalılara tanıtmaq və sevdirmək üçün Parijdə tədqiqi-ədyan cəmiyyətindən artıq Səlanikin gənc türklər komiteti, osmanlı inqilabı və idareyi-məşfurəti, mükəmməl darülfünun və akademiyalar, övrətlər cəmiyyəti, kəşfiyyat və ixtiraat xidmət elər. İndi nə eyib var ki, burada bir məsəl gətirək. Məsələn, bu gün bir buxaralı ilə bir yaponiyalı Parijə getsinlər. Müsəlman öz vəz və gözəl nitqi ilə özünün və öz qardaşlarının eyni insan və mədəni olduğunu firənglərə bildirib islama məhəbbət etmələrini xahiş etsin. Yaponiyalı da öz elm və hünəri ilə, sənaye və ixtirası ilə özünü firənglərə göstərib Yaponiya millətinə hörmət etmələrini tələb etsin. Əcəba, bunların hansı birisi tez istədiyinə çatar və hansı daha çox hörmət görər? Yaponiyalıların Parijdə heç bir dini cəmiyyətləri yoxdur, çünki dini cəmiyyətlər Kiyevə, Kazana, Buxaraya, Kəlküttəyə, Avstraliyaya yaraşar, nəinki Londona və Parijə. * * * Və salisən, bir də bunu başa düşmədik ki, Abdulla bəy əfəndi Parijdə göstərdiyi hünəri Bakı milyonçularına və üləmalarına qəzetə ilə yeritməkdən qəsdi nədir? Bu barədə heç bəhs eləmək olmaz ki, o, mədhnamələr azsavadlı camaatdan ötrü yazılmayıb. Üç-dörd nəfər Bakı mollası və bir-iki nəfər osmanlı yazısını oxuyanların yanında şöhrət tapmaqdan ötrü o qədər qələm çalmağı həddən artıq zəhmət bilirik. Halbuki Abdulla bəy əfəndi Avropanı gəzib Bakıya mübarək qədəmini basanda biz gözlüyə bilərdik ki, ədib əfəndimiz qələmi alacaq əlinə və üzünü yazıq camaatımıza tutub bizim dilimizdə Avropadan təzə bir xəbər söylüyəcək. Avropa məişətindən, mətbuatından və politikasından təzə bir sözlər danışacaq və bunların hamısını deyəndən sora axırda bunu da deyəcək ki, “ey mənim qardaşlarım! Mən Parijdə utandığımdan bir kəsə bildirmirdim ki, mən müsəlmanam, ondan ötrü ki, qorxurdum elə xəyal eliyələr ki, Bakıdan gəlmişəm”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 oktyabr 1908, №43 * * * Nə eləsin? Məhəmməd Əmin Rəsulzadə cənabları ortalığa bir təzə söz çıxardır, amma indi mən ondan bir söz soruşam, lap məəttəl qalıb gözlərini döyəcək. M.Ə.Rəsulzadə qəzetədə yazıb Bakı camaatına təklif eliyir ki, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri birləşsinlər. Yəni “Səadət”, “İttihad” və “Nəşri-maarif” cəmiyyətləri bir yerə yığışıb bir cəmiyyət olsunlar. Amma mən deyirəm ki, bu birləşməyin bizim müsəlmanlara zərəri var, nəinki nəfi. Baş üstə, indi bir saatlığa tutaq ki, xudanəkərdə birləşdilər. Məlum şeydir ki, birləşəndə üç cəmiyyət əvəzinə olacaq bir cəmiyyət. Bir cəmiyyətin də bircə nəfər rəisi olacaq. Demək ki, indiki üç rəisin ikisi yox olacaq, qalacaq biri. Bəs bu yox olan iki rəislər nə eləsinlər? Biz Rəsulzadə cənablarını müsəlmanlara xeyirxah tanımışdıq. Amma bir kəsin ki gecə və gündüz xəyalında bu ola ki, rəislərimizi çoxaltmaqdan azaltsın-buna hər halda biz xeyirxah adı qoya bilmənik. Hər kəs bunu unutmasın ki, həmin indiki cəmiyyətlər öz rəislərinin vücudu ilə əmələ gəlib. Əgər o rəislər olmasaydılar, indi bu cəmiyyətlər də yox idi. Əgər qəzetələr olmasaydılar, nə rəislər olardı və nə cəmiyyətlər. Əgər mən yəqin edəm ki, heç bir qəzetədə və heç bir məclisdə mənim adım çəkilməyəcək, heç bir məclisdə rəis olmanam. Genə deyəsən sözü uzatdıq. İnşallah, mabədi olacaq. Lağlağı “Molla Nəsrəddin”, 27 oktyabr 1908, №43 * * * Gələcək Hərdənbir kənardan durub baxanda mən bir belə şey görürəm, görürəm ki, Qafqazda bir az rusca oxumuş müsəlmanlarımız həmişə rusca yazı-pozu eləyirlər. Əvvəl adam elə bilir ki, bunlar müsəlmanca oxumayıblar; sonra baxıb görürsən ki, çox əcəb oxuyublar, bəlkə on il dərs oxuyublar. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqə edirəm bu yazdığıma yaxşı diqqət eləsin; əgər diqqət eləməsə, dəxi ixtiyarı yoxdur mənə yalançı desin. Hər nə qədər rus darülfünunu qurtaran müsəlman var, -bunların hamısı rusca yazı-pozu eləyirlər və analarına da kağız yazanda rusca yazırlar. Hələ bunlarnan işim yoxdur; çünki bunların rus dərsləri müsəlman dərslərindən çoxdur və rusca yazıb-pozmağa artıq adət eləyiblər, nəinki müsəlmanca yazıb-pozmağa. Orta rus məktəblərini qurtaranlar və cəmi müəllimlər rusca yazıb-oxuyurlar; müsəlmanca savadı olmayanlar da, müsəlmanca on beş il oxumuşlar da. Hətta türk dilinin müəllimi, hər gah bir üç il rusca oxuyubsa, yoldaşına rusca kağız yazır. Xülasə, on il müsəlman dərsi və üçcə il rus dərsi oxuyan müsəlmanlar bir-birinə rusca kağız yazırlar. Bir otaqda ya qiraətxanada stol üstə iki qəzet qoyaq: biri türk və biri rus qəzeti. Buraya əgər bir müsəlman daxil ola və o müsəlman rusca da o qədər oxumuş ola ki, türkcə oxuyub, – əvvəl rus qəzetini götürüb baxacaq ki, görsün nə təzə xəbər var. Əgər bu otağa bir müsəlman girə ki, beş il rusca və yeddi-səkkiz il müsəlmanca oxuyub, – yenə qabaqca rus qəzetini oxuyacaq. Hələ mən kitab oxumağı demirəm ki, rusca və müsəlmanca bərabər savadlı müsəlmanlarımız ildə yüz dəfə rus kitabı əllərinə alıb oxuyanda, bəlkə bircə dəfə müsəlman kitabını açalar, amma açanda da heç kitabın və yazanın adını tapmayıb “eh”-deyib kitabı qoyurlar yerə və başlayırlar papiros və spiçka axtarmağa. Heç kəs xəyal eləməsin ki, mən bu cür cavanlarımızı günahkar eləmək istəyirəm. Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır, çörək görəndə acın ağzı sulanır və isti olanda qar əriyir; qışın soyuğunda da adam istəyir girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur. Ruslar deyir: “məhəbbət zornan olmaz”. Mənim üçün indi hər nə xoşdur, rahatdır və asandır, -onu eləyirəm. Həyə ermənilər, gürcülər, ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər. Doğrudur, bizim içimizdə hələ indi də çox “yarımçıqlar” var ki, rusca danışanda bir o tərəfə-bu tərəfə baxır görsün ki, hansı bir həmşəri və hambal buna təəccüblü baxıb öz könlündə deyəcək: “ədə nə zalımdır!”. Amma bununla bərabər bu gördüklərimizin ümdə, ümdə və ümdə səbəbi budur ki, müsəlmanca yazıb-oxumaq çətindir; bu çətinlik azsavadlı müsəlmanları savadsız eləyir və çox savadlıları da yorur. Hacı, məşədi və kərbəlayı oxucularımızdan təvəqqə edirik ki, bizi bağışlasınlar. Bu yazdığımızın onlara dəxli yoxdur. Nə qədər ki, onlar rus yazısına aşna deyillər, dəxi dünyada mənim xəyalıma bir əlac gəlmir ki, onlar bu yazdıqlarımı başa düşsünlər. * * * Niyə müsəlman qəzetləri az oxunur? Niyə bütün Qafqazda ildə iki müsəlman kitabı çapdan çıxanda kitab sahibləri qışda hamısını peçə basıb alışıq eləyir? Məgər bunlar zarafatdır? Qafqazda “Tərəqqi”, “Təzə həyat” və “Molla Nəsrəddin”in altıyeddi mindən artıq oxucusu yoxdur. Amma həmin Qafqazda həmin müsəlmanların içində yeddi mindən çox artıq rus qəzeti oxuyan cavanlarımız var. On ildən sonra müsəlmanca oxuyanların yenə bir qədəri əksilib, rusca oxuyanlar beş o qədər olar. Otuz ildən sonra həmçinin. Bir vaxt olar ki, heç kəs qəzet axtaranda və Balkan işlərindən təzə bir xəbər bilmək istəyəndə razı olmaz ki, əlifi lama çalıb və mimi nuna çalıb cimlərin qarnına girən nöqtələri çıxardıb qoysun yerinə və şinin nöqtələrini çıraq işığına axtarsın, axtarsın, sonra görsün ki, mətbəədə qırılıb düşüblər yerə. Bəli, otuz il bundan sonra belə olacaq! Şərt bu deyil ki, ancaq bu günkü günün əhvalatını xəbər vermək; şərt budur ki, gələcəkdən də bir söz söyləmək. Tutaq ki, bu gün yağış yağır, amma nə eybi var, bunu da axtaraq ki, sabah nə olacaq? Tutaq ki, Şuşada bu gün Əbdürrəhim ağa və Molla Şükür əmi hərəsi bir məscidi sahiblənib deyirlər ki, ata-babamızdan qalıb. Tutaq ki, Gəncədə Mirbağır ağa hər gün məsciddə üzünü övrətlərə tutub mütənin fərayizindən danışır. Amma axır bir görək sabah nə olacaq?!. Nə eybi var ki, bir “gələcəyə” də əl uzadaq? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 noyabr 1908, №44 * * * Xəbərdarlıq Biz qəzetlərdə neçə dəfə oxumuşuq ki, Sultan Əbdülhəmid əl altından gecə və gündüz çalışır cavan türklərin başını bir tövr qarışdırsın və məşrutəni pozsun. Biz bu xəbərləri eşidə-eşidə genə dinməməkdə durmuşuq. Əvvəla, ondan ötrü ki, deyirdik bəlkə qəzetlər yalandan yazırlar, necə ki, Danabaş kəndində həmişə deyirlər ki, qəzetənin peşəsi yalan yazmaqdır və bir də ondan ötrü dinmirik ki, dəxi Cabbar Cığafovu və sultanın qeyri gədalarını özümüzdən incitmiyək. Amma indi bu xəbər gəldikcə yoğunluyur. İndi cəmi qəzetələr lap açıq-açığına yazırlar ki, indiki politika məsələlərini qalxızan sultan özüdür ki, məşrutəçilərin başını qatıb dava bəhanəsi ilə qoşunu alsın öz ixtiyarına və bildiyini eləsin. Hələ bunu da yazırlar ki, sultan Bolğariya hökumətinə xəlvətcə bir kağız yazmış imiş ki, əgər o kağız gedib yerinə çatsaydı, Osmanlı məşrutəsinə böyük sədəmə toxunacaq idi. Amma cavan türklər xəbərdar olub haman kağızı ələ gətiriblər. Sultanın xəyanətini yəqin eliyəndən sonra jon türklər qərar qoyublar fürsət düşən kimi Əbdülhəmidi taxtdan yendirsinlər. Bunun yazmaqda məqsədimiz sultan Əbdülhəmidin dostlarını xəbərdar eləməkdir ki, işdən hali olub bildiklərini eləsinlər. Yoxsa iş işdən keçəndən sonra dəxi bir şey eləmək olmaz. Cırcırama “Molla Nəsrəddin”, 3 noyabr 1908, №44 * * * Misyonerlər Qəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib. * * * Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər. Hələ indinin sözünü danışaq. İndi nə görürük? İndi də bunu görürük ki, məsələn, Saritsin şəhərində İliodor adında bir keşiş hər qədəmdə müsəlmanların gözünün qabağında Məhəmməd peyğəmbərin şəriətini ədəbsizliklə təhqir eləyir və Kazanda misyonerlər açıqaçığına yığışırlar ki, müsəlman dininin ziddinə müzakirə eləsinlər. Amma bizim yəqinimizdir ki, əgər Kazan tatarları ərizə verib, hökumətdən izn istəsələr ki, yığışıb bir əmiyyəti-xeyriyyə açsınlar, -hökumət onlara izn verməz. Bununla da işimiz yoxdur, bu da köhnə sözdür. Amma hərdənbir Kazan tatarlarından giley eşitmişik ki, rus məktəblərindən qaçırlar. Bu bir aşkar mətləbdir: ondan ötrü ki, Kazan tatarı belə deyir: “Rus məktəbini açan da hökumətdir, misyonerləri bizim üstümüzə göndərən də hökumətdir; bəs elədə mən onun məktəbini istəmirəm”. Amma rus tatarlarından da təvəqqə eləyirik ki, müştəbeh olmasınlar ki, guya biz onların sözünü təsdiq eləyirik və deyirik ki, doğrudan da onlar da acığnan uşaqlarını hökumət məktəblərinə göndərməsinlər. Yox, gərək göndərsinlər, buna iki səbəb var: əvvəlinci bu ki, qoy rus dilini oxuyub görsünlər ki, keşişlər nə qayırırlar, İliodor kimi keşişlərdən inciyəndə hökumətə şikayət eləməyi bacarsınlar və misyonerlər yazdıqları kitablara rus dilində cavab verə bilsinlər. Məsələn, mən indi rusca oxumuşam və bu xəbəri rus qəzetlərində oxudum və bildim. Amma and içə bilərəm ki, Ordubadda 54 molla və 94 seyidin biri də bilmir ki, Kazan şəhərində misyonerlərin müsəlmanlar əleyhinə yığıncağı olacaq. İkinci səbəb də budur ki, dünyada heç bir şey həmişəlik deyil: bir vaxt olar ki, misyonerlər özləri ziyalı rus camaatından utanıb, qoyub gedərlər işlərinə. “Molla Nəsrəddin”, 10 noyabr 1908, №45 * * * Unutmasınlar Bir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır. Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb. A gədə, hanı? Sən Allah, bir nüsxəsinitapın gətirin görək necə qəzetədi? Nə qədər elədik görmədik və tapmadıq. Bir-iki ay da keçəndən sora “Məzhər”in ikinci nömrəsini bir Allah bəndəsi gətirib verdi bizə. Bəs bunun əvvəlinci nömrəsi hanı? Ona yalvardıq, buna yalvardıq, “Məzhər” idarəsinə adam göndərdik, hətta özgə şəhərlərdən xəbərləşdik, əvvəlinci nömrəsinə həsrət qaldıq. Bəs hanı bunun əvvəlinci nömrəsi? Biri deyir ki, əvvəlinci nömrəsi heç çıxmayıb, biri deyir ki, əvvəlinci nömrəsini idarə məhz bir dənə çapdan çıxardıb canişin cənablarına təqdim eliyib. Genə bir-iki ay keçəndən sora gördük ki, aha, budur, “Məzhər”in dördüncü ya beşinci nömrəsi gəldi. Ondan sora altı ay keçdi, heç bir nömrəsini dəxi görə bilmədik. Aşkar işdi ki, “Məzhər” qəzetəsinin sahibi özünü zarafata qoyub. Amma hər bir işdə bir zarafat eşitmişdik, ancaq qəzetə çıxartmaq işində zarafat eşitməmişdik. İdarəmizdən hərdənbir soruşurlar ki, hanı bəs “Məzhər” qəzetəsi? Bilmirik nə cavab verək. Yazaq “Məzhər” zarafat eliyir-bunun özünü də zarafat hesab eliyəcəklər; Yazaq ki, “Məzhər” zad yoxdur – bunu da eliyə bilmərik, çünki qorxuruq birdən naqafil “Məzhər”in 1257-ci nömrəsi çıxıb keçə bir uşağın əlinə və uşaq da Tiflisin küçələrinə düşüb çığıra: “Ay “Məzhər” alan, ay “Məzhər” alan”. * * * Çox eyib olsun! İndi xam bir şəhərdə və uzaq bir kənddə bir yazıq müsəlmanın gözünə bir köhnə “Məzhər” nömrəsi sataşa və bu yazıq müsəlman baxıb görə ki, Tiflisdə qəzetə çıxır, adı “Məzhər” və qiyməti ildə altı manatdır. Haman müsəlman altı manat göndərib, altı ay gözlüyüb axırda müsəlman qəzetəsi söhbəti düşəndə elə biləcək ki, elə “Tərəqqi” də, “Tərcüman”, “Vəqt” də “Məzhər” kimi bir şeydir. Xülasə olan olub, keçənkeçib, amma bundan sora qəzet çıxartmaq niyyətində olan cavanlarımız gərək bunu bir dəqiqə də unutmasınlar ki, əgər onlar da öz maddi və mənəvi güclərini sınamamış təşəxxüs ilə meydana çıxıb axırda “Məzhər” kimi özlərini qoyacaqlar zarafata – mətbuat aləminə çox böyük xəyanət eləmiş olacaqlar. Bunu gərək unutmasınlar. Hələ “Tərəqqi” yazır ki, Tiflisdə bu günlərdə genə bir müsəlman qəzetəsi çıxacaq. Şəkk yox ki, bu da “Məzhər” kimi adı var, özü yox bir şey olacaq. Lağlağı “Molla Nəsrəddin”, 10 noyabr 1908, №45 * * * Hacıxana – Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər. – Ədə, tez ol, qoyma qaç qabağa! – Ay arvad, qoyma gəl dur həyətin qapısında, qoyma, qoyma! Hoha, hoha! Yavaş, ay Allahın heyvanı! – Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq! – Ədə, Cəfər, bu inəyin başını qaytar, girdi həyətə, buraları xarab eləyəcək! Tez olun töylənin qapısını açın, heyvanları qatın töyləyə və qapısını örtün! Bay, bay, bay! Dünya və aləmi qoxu bürüdü!.. – Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğuluşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər töylə həyətinə və bağa-bağçaya girib zibilləməsinlər və xarab eləməsinlər və havanı üfunətləndirməsinlər. * * * Beynəlmiləl qanunlarına görə bir məmləkətdən keçib bir özgə məmləkətə girməyə hər bir kəsin ixtiyarı var; istər Rusiyada və istərsə Şərq məmləkətlərində; ancaq pasportlu olmaq lazımdır (amma Avropada heç pasport da lazım deyil). Rusiya məmləkətinə hər bir yad adam daxil ola bilər, istər böyük, istər kiçik, istər xan, istər gəda, kaş cibində pasportu olsun; – hər bir şəhərə daxil ola bilər (Məhz bir para yəhudilərə Pukişkeviç və “Novoye vremya” paytaxt şəhərlərinə qoymurlar). Xülasə, hər bir şəxs, – xah müsəlman, xah qeyri müsəlman, – Rusiyanın hər bir şəhərinə daxil ola bilər. Hər küçəsi ilə gəzə bilər, hər bir mehmanxanada qala bilər, hansı yol ilə istəsə gəlib gedə bilər və hansı paraxoda istəsə minə bilər. Bircə hacılardan savayı! Rusiya hökumətinin qərardadına görə Odessa şəhərində bir yer təyin olunub və yerin adını qoyublar “Hacıxana”, Rusiyadan keçib gedən hacıların hamısı borcludurlar “Hacıxanadan” başqa, şəhərin bir özgə yerində düşməsinlər, bir özgə yerinə çıxmasınlar, buradan da hacıları qatovlayıb doldururlar “Dobrovolnı flot” paraxoduna və yola salırlar; həmin paraxoddan savayı özgə paraxoda minməyə və özgə yol ilə getməyə də izn vermirlər. Bu “Hacıxana”ya müsəlmanlardan bir adam təyin eləyiblər; bunun adı Əzimbayovdur. Rusca buna “nazir” deyirlər, bizim dildə “podratçı” mənasındadır; Quba meydanında “dəllal” və İran dilində “dəllak” deməkdir. Hacıların üç nəfəri “Vəqt” qəzetinin 386-cı nömrəsində Əzimbayovdan şikayət eləyib yazırlar ki, “Hacıxanada Əzimbayov hacılar ilə elə rəftar eləyir ki, məsələn, ağa qul ilə, mülkədar rəiyyət ilə rəftar eləyir. “Hacıxana”da əti, çörəyi, qəndi bizə bir-iki qiymətə satırlar. Nə qədər kefləri istəyir bizdən pul alırlar və heç özümüz də bilmirik ki, nədən ötrü alırlar. Bir özgə paraxoda minmək istəyəndə Əzimbayov jandarm gücü ilə bizi əsir kimi dübarə “hacıxana”ya qaytarıb öz kefi istədiyi paraxod ilə bizi göndərir. Və müxtəsər, hər nə kefi istəyir, – eləyir”. Kənardan baxanlara belə görsənə bilər ki, bu yazılan zülmlər hacılara Rusiya hökuməti tərəfindən toxunur; çünki “Hacıxana”nı da quran hökumətdir və Əzimbəyovu da oraya nazir təyin eləyən hökumətdir. Amma işin batini mənası özgə cürdür. Məsələn, əgər Odessa şəhəri mənim ola, mən razı olmaram ki, bitli və çirkli hacılar dəstə-dəstə şəhərə dolub Hindistan xalerasını, Ərəbistan taununu, İran bitlərini və Qafqaz keçəlini dağıdalar Odessanın ayna tək təmiz küçələrinə, pakizə mehmanxanalarına və ətirli hamamlarına! * * * Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. Odessa şəhərində də dərya kənarında durub yaşıl suların ləpələrinə tamaşa eləyəndə görürsən ki, hacı paraxodundan dəstə-dəstə üfunətli insanlar töküldülər dəryanın kənarına. Əgər adam göndərib bənd-bərəni bağlamasan, mallar doluşub, bağın və bağçanın gül və çiçəklərini pozub, həyət-bacanı nəcislə dolduracaqlar. Məlum şeydir ki, lazımdır tez töylənin qapısını açmaq və Allahın heyvanını sürüb qatmaq töyləyə. Xüdavəndi-aləm dünyada hərəyə bir yer təyin eləyib. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 noyabr 1908, №46 * * * Abunə dəftərimiz açıldı Bu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira: Məkon zigərdişi geyti şikayət, ey dərviş Ki, tirəbəxti əgər həm bərin nəsəq mordi. Bununla bərabər boş oturmayacağıq. Əvvələn, usta Cəfər əmi üsuli-cədidi-həcəmət barəsində yazdığı kitabın intişarına və Kərbəlayı Allahverdi İrandan gətirdiyi hənanın rəvacına mümkün qədər səy edəcəyik. Saniyən gecə və gündüz bari pərvərdigara duamız bu olacaqdır ki, Qubada cənab Hacı Molla Babanın qarnının və peysərinin yağından bir misqal da əskilməsin. Salisən, milyonçularımızın əhvalını həmişə jurnalımız vasitəsilə padşahlıq dumanın nəzərinə yetirəcəyik ki, bu yazıqların ehtiyaclarını və kassalar qabağında çəkdikləri məşəqqətləri mülahizə edib təzə bir qərardad ilə bunlara mərhəmət eləsinlər. Rabiən və xamisən: Allah-taala cəmi mömün bəndələrə əcrixeyir verib cəhənnəm atəşindən xilas eləsin! Amin, ya rəbbül-aləmin! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 noyabr 1908, №47 * * * Siyasi məsələ Səttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur. Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır. Amma burada bir çətin məsələ var. Tutaq ki, Səttərxan Azərbaycanın hamısını tutdu və padşah oldu. İndi gəl görək Acı çayın kənarındakı seyidlərin quldur dəstələrini necə dağıdacaq və Allahın ikiayaqlı vəhşi qurdlarını necə qaydaya salacaq? Budur çətin məsələ. Həmşəri “Molla Nəsrəddin”, 24 noyabr 1908, №47 * * * Zəhrimar A kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib. Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl. * * * Aha, heç dinmə, bir şey yadıma düşdü. Axır, bizim Şah Abbas məscidi bir az dardır. İçində şəbih gətirmək olmur və həyəti də heç yoxdur ki, dəstələr tutub baş yarasan. Aha, heç dinmə, gəl gedək hökumətdən izn alaq ki, mövqufat pulu ilə məscid tikdirək. Vallah ki, bundan savayı o zəhrimarın özgə əlacı yoxdur. Hökumətin də ki, nə borcudur: o özü də Allahdan istəyir ki, bu zəhrimarın mərəkəsi kəsilsin. İzn, əlbəttə, verər, pulu alarıq və yavaş-yavaş başlarıq məscidin himlərini açmağa. Qalanını da ki, sən özün bilirsən: maşallah arifsən. * * * Oxucularımıza gərək xəbərdar eləyək ki, injenerin hesabına görə, təzə məscidin tikilməyi üç yüz min manat ilə başa gəlir. Məscidin də həştad min manatı var. İndi bundan belə məlum olur ki, məscidi tikib başa gətirməkdən ötrü ya gərək çatmayan iki yüz iyirmi min manat biçarə müsəlman camaatından yığıla, ya da gərək məscidin divarları adam boynuna qalxanda fəhlələr dağılıb gedələr işlərinə və bir neçə ilin müddətində də yağışın, qarın altında divarların kərpicləri yavaşyavaş çürüyüb tökülə yerə. * * * Bu yazılarımızdan aşkar görsənir ki, hər bir ağıl və tədbir sahibi gərək məscid məsələsini qoya kənara; ondan ötrü ki, kasıb camaatdan bu qədər pulu yığmaq günahdır; yarımçıq divarları da qarışqa yuvası qayırmaq namərdlikdir. Amma bu zəhrimar həştad min manat yenə qoymur ki, mən rahat evimdə oturum: vallah, lap elə gəlib durub gözlərimin qabağında. * * * Tiflis xəzinəsində həştad min manat mövqufat pulu var. Əgər məscid tikilməyə başlasa, bu həştad min manatı hökumət verəcək şeyxülislamın və onun yanındakı mollaların ixtiyarına. Bu həştad min manatın iyirmi beş min manatı çatacaq injenerə. Qalanını da başlayacaqlar yavaş-yavaş xərcləməyə. Məscidə də üç yüz min manat lazımdır ki, tikilib başa gəlsin. * * * Həmişə xəzinənin qabağından şeyxülislam keçəndə haman həştad min manat gəlib durur bunun gözünün qabağında. Həmişə xəzinənin qabağından injener keçəndə haman həştad min manatın iyirmi beş min manatı gəlib durur bunun gözünün qabağında. Məlum şeydir ki, dərdlinin də dilini dərd əhli bilər. Bir gün şeyxülislam əbasını çəkəçəkə gedib injenerin zəngini çalar, bir gün də injener faytonu minib, gələr şeyxülislamın idarəsinə. Zəhrimar həştad min manat bu kişiləri lap xarab eləyib. İnjener şeyxülislamı görəndə belə deyir: – Ay şeyx, vallah, mən müsəlmanları çox dost tuturam. Hərçənd məscid tikilsə mənə iyirmi beş min manat çatacaq, amma and olsun şeyx Ramazanovun moizəsinə ki, mənim çalışmağım əsla puldan ötrü deyil, məhz müsəlmanları istəməyimdəndir. Buradan bir balaca haşiyə çıxaq. İdareyi-ruhaniyyəyə hökumət tərəfindən verilən qərardada görə qazıların ixtiyarı var ki, hər bir məscidin yanında bir məktəb açsınlar. Sözü çox uzatmaq istəmirik, ancaq müsəlmanlarımız bunu bilsinlər və həmişə nəzərlərində saxlasınlar ki, hər bir qazı istəsə hökumətdən dəxi dübarə izn almamış bir məktəb aça bilər. Qazılarımızın Tiflisə gəlib idareyi-ruhaniyyədə şeyxlərimizlə görüşüb evlərinə qayıtmalarını mən çox görmüşəm. – Əssəlam əleyküm, şeyxəna. – Ay əleyküməssəlam, xoş gəlibsiniz. Təzə təşrif gətirən qazı əgər Qarabağ tərəfindəndir, – söhbət həmişə Qarabağ fərşlərindən düşüb və Ağdam narında qurtarıb; qazı əgər İrəvan tərəfindən gəlib, – söhbət Naxçıvan pendirindən düşüb, Qarxun soğanında qurtarıb. Əgər qazı şimal tərəfindən gəlibsə, danışıq Şirvan şallarından başlayıb, Şəki şabalıtında qurtarıb və bu söhbətlər içində yağ, bal, corab və bu cür sözlər də olub, amma nəinki məktəb və mədrəsə söhbəti. * * * Allahü əkbər! Bu zəhrimar həştad min manat qoymur bir saat asudəlik ilə nəfəs çəkəm. Vallah, dəxi bilmirəm ki, nə eləyim. Dəxi kifayətdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 noyabr 1908, №48; 7 dekabr 1908, №49 * * * Şahzadə Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur. Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır. Bir övqat hökumət nəzərində şahzadə lap yaddan çıxdı. Sora yavaş-yavaş polisa pristavları başladılar şahzadədən bir az bədgüman olmağa. Buna da səbəb bu oldu ki, məmurlar bir az diqqət eyliyib gördülər ki, şahzadənin mənzilinə hey bir ucdan balaca ağappaq, gözəl-göyçək təmiz, formalı və səliqəli gimnaziya şagirdləri girib çıxmaqdadır. Polisaçılar və jandarmalar yavaş-yavaş yəqin elədilər ki, şahzadə məktəb uşaqlarını başına yığmaqda və hər gecə neçə min manat xərcləməkdə, əlbəttə ki, bir siyasi mətləbi və politika fikri var. Məsələn, şayəd şahzadə Səttərxanın Azərbaycanı sahiblənməyini, bunun nəticəsi nə olduğunu, İranın övzaını və polyakların “qoli” firqəsinin bu vüquata nə münasibəti olmağını şagirdlər ilə müzakirə və məsləhət edir. Hökumət əvvəl dəfə istədi açıq-açığına şahzadədən təvəqqə eləsin ki, bir az ehtiyatlı özünü saxlasın. Amma axırda işin üstü açıldı. Bir gün polisa tərəfindən bir nəfər məmur təgyiri-libas olub gedir şahzadənin məclisinə və baxıb görür ki, uca qonağımız uşaqları yığıb başına, sağ əlini salıb birinin boynuna, sol əlini salıb birinin boynuna, özü də bu şeiri oxuyur: Olub aşiq o gülrüxsarə bülbül, Olur sabir cəfayi-yarə bülbül, Düşüb gülzar bəzmindən kənarə, Dəxi bunu görəndən sora hökumət şahzadədən əl çəkdi. Bircə söz qaldı. “Varşavski Kuryer” qəzeti yazır ki, şahzadə əlli min manatlıq qış libası tikdirib. Bəli, belədir, əzizim! Sən məndən soruşursan: “İranın pulu haralara dağılır ki, camaat acından ölür?” Budur sənin cavabın ki, yuxarıda xidmətinə ərz eləmişəm. Pənah Allaha!.. Lağlağı “Molla Nəsrəddin”, 7 dekabr 1908, №49 * * * Bosna və Hersək məsələsi Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada. Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var. Bu da vaqeən gərək belə olaydı. Çünki mənə oyuncaq lazım olan kimi onlara da cümə namazı lazım idi: Səmərqənd, Daşkənd, Xoqənd lazım deyildi. Avstriya dövləti ki Bosna-Hersəgi öz mülkünə mülhəq edib, Bos-na-Hersəgdən bəzi müsəlmanlar ümum ora müsəlmanlarından vəkalətdən getmişdilər Venaya ki, Avstriya dövlətindən rizaməndlik etsinlər: “Çox sağ olun, Allah sizin ömri-şərifüzi artıq eləsin ki, bizi özünüzə rəiyyət etdiniz”. Avstriya dövləti də axı gərək bulara bir şey verəydi. Vaqeən verdi, yəni qət etdi ki, Venada onların yadigarlığına bir məscidi-ali bina olunsun. Yadımadı qulağımdan heydərinin getməyi evimizdə nə qədər qiyamət qopartdısa da, mən əlimdəki oyuncaqdan çox ləzzət aparırdım, çünki mənə o lazım idi. Amma, öz aramızdı, avropalılar bizi necə yaxşı tanıyıblar. Qızdırmalı “Molla Nəsrəddin”, 7 dekabr 1908, №49 * * * Xanımlar Əgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır. Bir az da açıq danışaq. Xanımlarımız, bəylərimiz dövlətli və ya kasıblarımız haman gün ki istəyirlər uşaqlarını hökumət məktəblərinə qoysunlar, qabaqca aparıb bir rus evinə verirlər. Amma diqqət eləsək, görərik ki, bir belə adət qonşumuz ermənilərin, gürcülərin və qeyri millətlərin içində əsla görsənmir. Bu adət çoxdan başlanıb. Rus Qafqazı alandan indiyədək mötəbər xanlarımızın uşaqları beşaltı yaşından başlamış veriliblər rus külfətlərinə. Hətta İran nücəbalarının uşaqları rus evlərindədir. İndi bu saat Maku sərdarının oğlu Tiflisdə bir rus evində qalır və ayda altı yüz manat məhz uşağın yeyib-içməyinə verilir, qeyr bəxşişlərdən savayı. Tiflisdə rus evlərində qalan müsəlman uşaqlarının qədəri yüzdən artıqdır. Bunların içində ayda yüz manat da verən var, əlli manat da verən var, amma otuz manatdan aşağı yoxdur. Özgə şəhərləri bilmirəm, İrəvan tərəfi də belədir və ağıl kəsir ki, hər yanda bu cürdür. İrəvanda müsəlman müəllimləri açdıqları pansionlara müsəlmanlar uşaqlarını vermirlər, amma aparıb verirlər qabaqlarına rast gələn rus evlərinə. Müsəlman uşaqlarını evlərində saxlayan rusların çoxu qulluqçulardır, vəssəlam. Yoxsa bunların tərbiyə işindən heç xəbərdarlıqları yoxdur və müsəlmanlara da bu mülahizə heç lazım deyil. Hər nə olacaq olsun, kaş rus evi olsun. Altı-yeddi yaşında müsəlman rus evinə girən kimi, söz yox, başlıyır yavaş-yavaş rusca danışmağa. Sora yavaş-yavaş katletlərə adət eliyib küftəni yadından çıxardır, mariyalara adət eliyib zeynəbləri yadından çıxardır. Xülasə, üç-dörd ildən sora vətəninə qonaq gələndə başlıyır Fatma xalaları ilə rusca danışmağa. Bir beş-altı il də keçəndən sora ürəyi rus məişətinə elə bərk yapışır ki, rusların yaxşı işləri də ona xoş gəlir pis işləri də xoş gəlir və sora da müsəlmançılığa yuxarıdan aşağı rişxənd nəzərilə baxa-baxa qazilik satıb kor-koranə başlıyır millətini, müsəlmançılığını bəyənməməyə. Bircə şey mənə çox qəribə görsənir: Dünyada biz müsəlmanlar tək heç bir millət yoxdur ki, bilmərrə rusları murdar bilsin və ruslardan özünü uzaq saxlasın. Ta o yerə çatıb ki, Avropa dərslərinə yavuq durmamağımızın ümdə səbəbi də rusları və əcnəbiləri belə murdar hesab eləməyimizdir. Amma bununla belə, dünyada biz müsəlmanlar tək heç bir millət yoxdur ki, rus məktəbinə uşağını qoymaq üçün əvvəl uşuğı aparıb rus evinə qoysun və öz əlilə, öz xahişilə balalarını, millətini ruslaşdırmağa çalışsın. Mən bilirəm ki, uşaqların ataları mənə belə cavab verəcəklər: yəqin onlar bu bəhanəni gətirəcəklər ki, rus evində uşaq ruscanı asanlıq ilə öyrənir və rus dilini də yaxşı biləndə hökumət məktəbində də dərslərini yaxşı oxuyur. Amma işin həqiqəti belə deyil. Doğrudur ki, rus evində müsəlman uşağı rus dilini tez öyrənir, amma təcrübə də bunu göstərir ki, uşağın məktəbdə yaxşı və pis oxumağı uşağın zehninə və tərbiyə edənə bağlıdır. Çöx vaxt belə də ittifaq düşür ki, rus evi görmüyən müsəlman uşaqları rus dilini əsl rus uşaqlarından da yaxşı oxuyurlar və bir də əgər rus evində tərbiyə tapmaq çox lazımlı bir şey olsa elədə biçarə ermənilər və gürcülər nə eləsinlər ki, onların uşaqlarının biri də indiyədək rus evində qalmıyıb. Yəqin ki, biz onlardan bu barədə gözüaçığıq. Müsəlman atalarının bircə yaxşı bəhanələri var ki, bu barədə mən onlara cavab verməyə acizəm. Doğrusu, bu rus xanımlarını tərif eləməyə Vaqif kimi bir şair lazımdır: Ol qədərdir büti-nazikbədən, incəmiyan, Eyləmək olmaz onun vəsfini məlum əyan, Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan, Məst tavus kimi gərdəni-minaları var. Cifayda ki, zalım qızlarına əl yetirmək olmur. Hər bir papaqlını iki ağacdan görən kimi qaçırlar. Amma bu var ki, uşaq saxlamağa çox talibdirlər, xüsusən bilərlər ki, uşağın atası “yağlı”dır. Qurban olsun onun incə miyanına mənim varım-yoxum. Əgər ayda otuz manat istəyir-mən ayda yüz manat verərəm, kaş mən ilə ələlə versin. Hələ bəlkə bir az artıq da iltifat ola. Yoxsa müsəlman evindən nə çıxacaq ki, uşağımı aparım müsəlman pansionuna verim. Orada “Dişədəyən” bir mətləb yoxdur. Bu işlər ilə bərabər biz hələ təəccüb eliyirik ki, Avropa elmini oxuyanlarımız ana dilimizi yazmağı və danışmağı bacarmırlar. Bunlar gözlərini açan kimi özlərini rus evində görüblər, rus danışığı eşidiblər, rus ibadəti görüblər, rusların içki məclislərini görüblər, xanımların ağalar ilə nəzakət, çəm-xəm və qaş-göz süzdürmə elmlərini görüblər. Söz yox, tərbiyəli rus xanımlarından yaxşı tərbiyə alanlar da olub. Amma çoxusu qabaqca nağıl elədiyimiz sayaq ilə tərbiyə tapıblar. Bu halımızla, bu qəflətimizlə utanmayıb da deyirik ki, ruslar bizi ruslaşdırırlar. Genə gürcülərə və ermənilərə yazığım gəlir ki, biçarələr bu barədə bizdən çox geri qalıblar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 dekabr 1908, №50 * * * Ərəb İzzət qaçmıyıb Köhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi. Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi. İnqilabdan sora cavan türklər nə qədər çalışdılar ki, bu xaini tutub tikə-tikə eləsinlər, lakin bacarmadılar. Sultanın planı sayəsində gecənin birində ingilis gəmisilə Avropaya qaçdı. İndi Londrada arxası üstə yatıb cavancavan türklərə dirsək göstərir, qını-qını verir. Cavan türklər isə acıqlarından ölürlər. Onun qaçmağını yana-yana yazırlar. Bəli, onlar çox yanırlar. Amma biz heç yanmırıq. Çünki biz görürük Ərəb İzzət paşa və onu o dərəcəyə qaldıran səbəblər bu saat genə osmanlı türklərinin içində ağalıq eliyir. Və hətta köhnəsindən daha artıq türklərin ruhlarına, ürəklərinə soxulub. Osmanlılar ha bağırsınlar ki, Ərəb İzzət türklərin arasından qaçıb. Biz də tərsinə, ha qışqırırıq ki, Ərəb İzzət qaçmıyıb, bəlkə ərəb Əbülhüdanın əfsununun təsirilə mikroba dönüb türklərin dillərinin altına soxulub gizlənir və orada yaxşıca yuva yapıb türk sözlərini boğazdan çıxan kimi tutub yeyir; türk dilini, türk beynini ərəb mikrobları ilə doldurub çürüdür. Heç şəkk yox ki, 33 ildir osmanlıların başına gələn bəlaların hamısı bu dil bəlasından olub. Çünki camaat indiyə qədər hirriyyət, müsavat, üxüvvət sözlərini öz dilləri ilə əsla eşitmiyib, öyrənmiyib. Həmin bu eşitməməzlik, bu dilsizlik sultana və onun adamlarına çox böyük yardımlıqlar edib, camaatı korluqda saxlıyıb. Təcrübələrimizə görə osmanlılar bugünkü dillərinin vücudilə heç güman etməsinlər ki, ərəb izzətləri, ərəb əbülhüdaları öldürməklə istibdaddan, zülmdən tamamilə qurtaracaqlar. Xeyr, nə qədər ki, türk ədəbiyyatı ərəb sözlərilə boğulur, nə qədər ki, Anatol türkləri: vəzayifi-müqəddəseyi-bəşəriyyə, şəmsi-müniri hürriyyət, kabusi-əlimiəsarət, təkamülati-heyrətfəzayi-kainat… sözlərini türkcə eşitmirlər, heç vaxt ərəb izzətlərin, türk rzaların, çərkəz məhəmmədlərin bəlalarından layiqilə qurtula bilməyəcəklərdir. Osmanlıda islah və hürriyyət sözləri indi deyil, ta üçüncü Sultan Səlim zamanından başlıyıb və o vaxtdan bu vaxta qədər bir çox qanlı və faciəli inqilablar olub. Amma heç biri baş tutmayıb, çünki Osmanlının həmiyyətli vəzirləri hər şeyi bilirlərdi. Lakin bircə bunu bilmirlərdi ki, hər şeydən əvvəl millətə maarif lazımdır. Maarifin layiqilə yayılması üçün də millətin öz dili gərəkdir. Osmanlı ədibləri, yazıçıları türklərin qarınlarını həmişə ərəbin, farsın acı çörəkləri ilə doldururlardı. Budur ki, türklər də öyrənmədikləri, bilmədikləri çörəyi həzm edə bilməyib qəbz olurlardı və yerlərindən tərpənmiyib yatarlardı və beş-on paşanın, ədibin meydana gətirdikləri islah və inqilablar da işlərinə gedərdi. İndi biz keçən təcrübələrə baxıb, indiki inqilabdan da türklərin layiqilə fayda görə bilmiyəcəkləri gümanına düşürük. Bizi bu gümana düşürən isə məhz genə türk qəzetələridir. Bugünkü türk qəzetələri, deyəsən, Türkiyədə çıxmır, deyəsən, türkcə danışanlar üçün deyil. Baxınız Osmanlı qəzetələrinə ki, başlarından quyruqlarına qədər ərəbləşiblər. Budur adları: Tənin, Mətin, Fətin, Ələdl, Əlfəzl, Neyiri-həqiqət, Təqvimi-vəqaye, Əksi-səda, Hüquqi-ümumiyyə, Bəsirət, Məziyyət… ilax. Bunlardan ən açıq yazanı “Məziyyət”dir. “Məziyyət”in ikinci nömrəsində hürriyyət barəsindəki idarəsini burada yazırıq: “Tələtnümayi-səadət olan şəmsi-münuri-hürriyyət zülami-istibdad altında bir kabusi-əlimi-əsarətə gərdəndadeyi – məzlumiyyət edən mövcudiyyət-vətəni olunca kəmalilə rövnəqdar etdi. Şövkəti-ədalət cümləsini lərzan-lərzan məqbəreyi-ibrətə atdı. Həm oylə bir təşhirgahə ki nəzərlərinin münətif olduğu həvayi-mühitdə məzluminihürriyyətin rəngi-xunin xəyalı, sameələrinin nəsb eylədiyi cəhətdə şühədayi-tədinin barigahi əhkəmül-hakiminə rəf etdikləri fəryadicansuzdən mütəhəssil bir növheyi-təzəllüm, bir şəlaleyi-matəm… titrəyor, utanıyorlar…”. Biçarə türklər. * * * “Tərcüman” yoldaşımız Osmanlı qəzetələrinin axır vaxtda bir-bir bağlandıqlarını təəccüblə yazır. Amma biz buna heç təəccüb etmirik, bəlkə çox adi tapırıq çünki bu cür ərəbpərəstlərin qəzetələri gərək çoxdan bağlanaydılar. Şəkk yox ki, bunların yerlərinə “Qaragöz” kimi türkcə qəzetələr çıxıb davam edərlər. Və biz də ol vaxt osmanlı məşrutəsindən arxayın olarıq. Demək ki, hələlikdə Ərəb İzzət qaçmıyıb. Lağlağı “Molla Nəsrəddin”, 14 dekabr 1908, №50 * * * Çırağ İranda, xüsusən Tehranda bir qayda var: Bazarda hansı mətaın qiyməti dövlət tərəfindən ucuzlaşsa, bu məta satılan dükanda gündüz çırağ yandırarlar. Bir də görürsən ki, cəmi qəssab dükanlarında günün günorta çağında çırağ yanır, onda bilirsən ki, ət ucuzlaşıbdır. Ancaq nədənsə haman məta çırağ yandırılan gündən başlamış əvvəlki qiymətindən də bir qat bahalaşar, bəlkə əvvəlki bahalıq dönüb qəhətlik olur. Ondan ötrü ki, qəssab dükanında dəxi ət tapılmaz və əgər çörək ucuzlaşmış olsa çörəkçi dükanında dəxi çörək satılmaz. Bu cəhətə bizim yoldaşlardan bir nəfər bazardan keçəndə hər bir vaxt görürdü ki, bir dükanda çırağ yanır, qaçıb o çırağı püfləyib keçirdirdi və dükançıya deyirdi ki, “siz Allah, hər neçəyə satırsınız satın, razıyıq, ancaq çırağ yandırıb qəhətlik salmayın”. Gələk mətləb üstə. Bir neçə vaxt bundan irəli müsəlman ürəfa və danişməndləri Tiflis şəhərinə cəm olub, məhz Qafqaz müsəlmanlarının şan və heysiyyətini, abru və izzətini, dini-islamın şərəf və şövkətini mühafizə etmək üçün canişini – Qafqaza bir layihə pişnihad elədilər ki, Dumaya təqdim etsin və təvəqqə elədilər ki, o layihəyə əncam verilənə kimi Qafqazda şeyxülislam təyin olunmuyub dolandırıcı qoyulsun. Belə də oldu. Amma islam millətinin şan və şərafəti artmaq yerinə müsəlmanların olan-qalan abırları da millətlər içində gülünc bir hala qoyuldu. Bunun cəhətini yaxşı başa düşmüyən Tiflis müsəlmanlarının hər birindən soruşsa öyrənə bilər. Xülasə, sözüm burasında idi ki, bizim ürəfamız istədilər ki, iradeyiruhaniyyəmizdə çırağ yandırsınlar, amma indi mənim rəfiqələrimdən biri həmişə idareyi – ruhaniyyənin qabağından keçib haman çırağı görəndə qaçıb o çırağı püflüyb keçirdir və deyir: “Siz Allah, hər neçəyə əti və çörəfi satırsınız satın, amma çırağ yandırıb vilayətimizə şeyxülislam qəhətliyi salmıyın”. Cırcırama “Molla Nəsrəddin”, 21 dekabr 1908, №51 * * * Həqiqət İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan teleqramı oxusun və mən də hələ bir stəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə. * * * Bəli, haman teleqrafın məzmunu budur: Tehran: “Məcdüddövlə məscidində Şeyx Fəzlüllah ilə həməfkarları xilafi-məşrutiyyət olaraq nümayişlər yapdılar. Vilayət müctəhidlərindən məşrutiyyət ziddinə olan teleqramlar oxunurdu. Məşrutəçiləri kafir deyə elan ediblər. Müctəhidlər şaha ərizə veriblər ki, qanuniəsasi verməsin”. Budur haman teleqrafın məzmunu. Oxucularımızdan iki təvəqqəm var: Əvvəla, bu xəbərin doğru olmasına heç kəs şəkk eləməsin. Hələ Şeyx Fəzlullah və hacı Mirzə Həsən qalsınlar kənarda: məşrutiyyəti xilafi-şəriət hesab eləyən müctəhidlərin qədəri gün-gündən artmaqdadır. İkinci təvəqqəm oxuculardan budur ki, bu xəbəri ki indi hər kəs oxudu və bildi-gərək fikir eləsin. Fikir, fikir, fikir!!! Allah-taala insana ağlı ondan ötrü verib ki, fikir eləsin, fikir, fikir! Əgər bir gün xəbər çıxa ki, xudanəkərdə, bütün İran camaatı dəli olub-mən heç təəccüb eləmənəm, səbəbi budur ki, bir gün Kərbəla və Nəcəfül-əşrəf müctəhidlərindən teleqraf gəlir ki, məşrutiyyət müvafiqi-şəriətdir. Bir gün səni İranın müstəhidlərindən teleqraf gəlir ki, məşrutiyyət xilafi-şəriətdir. Biri belə deyir, o biri elə deyir. Hansına inanım? Vallah, insan dəli ola bilər. O da müctəhiddir, bu da müctəhiddir. Hansına inanım? Bu gün biri deyir “məşrutiyyət yaxşı şeydir”- məşrutiyyət tərəfdarı oluram, sabah o biri deyir “məşrutiyyət şeytan işidir” istibdad tərəfdarı oluram. Bəs nə eləyim? Vallah, az qalıram dəli-divanə olam. * * * Yazıq iranlı nə bilsin məşrutiyyət nədir? Avam camaat ağzını açıb göyə, müctəhidlər nə qoysalar ağzına-yeyəcək. Doğrudur, Allah-taala müsəlmana ağıl verib; amma ağlı ancaq məşğuliyyət üçün verib. Yazıq iranlı onu bilsə ki, məşrutiyyət nədir, dəxi müctəhid davasını kənara qoyub özü öz ağlı ilə ya məşrutəçi olar, ya müstəbid. Amma bir surətdə ki, mən bilmirəm məşrutiyyət nə deməkdir, – dəxi çarəm nədir? * * * Qədim yunanlar elə bilirlər ki, Siciliya cəzirəsində bir gözlü insan var. Min illərcə avam camaat bu əqidədə qaldı və bir para gözü açıq fikirli adamlar istədilərsə də camaatı inandırsınlar ki, Siciliya əhalisi, yunanlar kimi iki gözlü adamlardır-başa gəlmədi. İnsanın anadan olmağından beş-altı yüz il qabaq yunanlar yavaşyavaş başladılar Misir tərəfinə səfər eləməyə və ticarət işləri artdıqca bunlar başladılar Asiyaya və sonra İtaliya tərəfinə gedib gəlməyə. Axırda da yunanların yolu düşdü Siciliya cəzirəsinə. Baha! Bir də gördülər ki, buranın əhalisi özləri kimi ikigözlü insanlardır. * * * İndi də İranda məşrutiyyət məsələsi. İranlı nə bilsin ki, məşrutiyyət nədir? Və Məhəmmədəli şahın özünü götürək. O da həmçinin. O da baxır müctəhidlərə və Yevropa hökumətləri şah tərəfindən qanuniəsasinin təsdiq olunmağını tələb eləyəndə Məhəmmədəli şah həmişə cavab verir ki, müctəhidlər qoymurlar, çünki məşrutiyyəti şəriətə zidd tapırlar. * * * Həqiqət dünyada birdir və o həqiqət də budur ki, İranı qarışdıran və bu hala salan müctəhidlərdir. Hər kəs barmağını alnına qoyub fikir eləsə, bu mətləbi başa düşər: hər kəs eləməsə, başa düşməyəcək, düşməyəcək, düşməyəcək. Hələ görək şairimiz nə deyir: Zahida, gəl soyunaq bir kərə paltarımızı, Çıxaraq zahirə batindəki əfkarımızı, Pişgahi-nəzəri-xəlqə tutaq varımızı, Görüb onlar dəxi təhqiq eləsin karımızı, Hər kimin ağı qara isə utansın, a balam, Bəlkə illərcə yatanlar bir oyansın, a balam. Hələlik gəl unudaq filməsəl öz lafımızı, İddiamızca açaq ayineyi-safımızı, Alaq ayinəyə qarşı bütün əsnafımızı, Göstərək onlara insaf üçün insafımızı, Hər kimin ağı qara isə dayansın, a balam, Bəlkə illərcə yatanlar bir oyansın, a balam. Nola bir ləhzəlik olsun ataq əlqabımızı, Çıxaraq hörməti calib olan əsvabımızı, Toplayaq bir yerə ədamızı, əhbabımızı, Məhzəri-nasə qoyaq siyrətü adabımızı, Hə kimin halı fəna isə usansın, a balam, Bəlkə illərcə yatanlar bir oyansın, a balam. Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı, Həm də doğru olaraq şərh edək əhvalımızı, Xalq tətbiq eləsin halımızı, qalımızı, Anlasınlar da nolur qayeyi-amalımızı, Hə kimin qəlbi qara isə utansın, a balam, Bəlkə illərcə yatanlar bir oyansın, a balam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 dekabr 1908, №52 * * * Köhnə il Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetlər köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirirlər. Bu adətə biz də əməl eləyirik. 1908-ci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosniya və Hersək vilayətlərini zəbt eləyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb danışdırıb. Həmin 1908-ci ildə İranda Səttar xan baş qaldırıb və gəncəli Məmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin, hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söyləyib. Və molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib bir nəfər molla Əliyə verməyi barəsində… İslam aləmində iki böyük xeyir iş üz verib: biri budur ki, Türkiyədə cavan türklər məşrutiyyət elanı eliyiblər. Biri də budur ki, Gəncənin Qazax şəhərində müsəlman uşaqlarına ölü qüslü öyrətmək üçün məscid həyətində qüslxana açılıb və ölü öləndə məşhur müəllim Kərbəlayı Əli uşaqları başına cəm eləyib onlara dərs öyrədir. Amerikada Taft adında bir şəxs cumhuriyyətlərə rəis seçilib. Həmin 1908-ci il bərəkətli il olub, dünyanın hər bir yerində yaxşı məhsulat əmələ gəlib, Naxçıvan mahalında çox pambıq olub. Dağıstanın Axtı kəndində müsəlmanlar içində araq və pivə artıq rəvac olub. Bakıdan iki min manat gətiriblər ki, barı heç olmasa, məktəb açsınlar. Amma İtaliya məmləkətində Messin şəhərində zəlzələ olan kimi Axtıda məktəb pulları birdən yox olub. Musiqi aləmində yenə şad xəbərlər eşidilib: Bakıda teatr yazıçılarına müsəlmanlar tərəfindən dünyada misli olmayan hörmətlər göstərilib, Tiflisdə gürcülərin ali bir teatrı başa gəlib və nayibin sifarişinə görə Lənkərandan Çornı Qoroda üç mütrüb dəstəsi göndərilib. Bu ilin abü havası hər yerdə bir cür olub. Bəzi yerdə yağış yağıb, bəzi yerdə qar yağıb. Baharda gah gün çıxıb hava xoş olub. Qışda qar yağıb hava soyuq olub. Ağdaşda məktəb vəkilləri təzə müəllimə paltar veriblər ki, bir-iki gecə yatsın ki, sonra özünə paltar alsın. Amma naqafil gecə vaxtı vəkillər birdən gəlib biçarə müəllimdən paltarı alıb aparıblar. Bu da gedib o gecə hamamda yatıb ki, üşüməsin. Həmin 1908-ci ildə Gəncə şəhərinə təzə konsul varid olub və Mirbağır ağa konsulun qabağına çıxıb və ağa ilə konsul İran məşrutəsi barəsində çox şirin söhbətlər eləyiblər. Bu il Səmərqənddə çox toylar olub və bu toylarda mollalar içki məclisində gözəl nitqlər söyləyiblər. Bu nitqlərin təsirindən Aşqabad cavanları o dərəcədə şəraba məhəbbət yetiriblər ki, şərabı içə-içə stəkanları da ağızlarında sındırıb tikə-tikə eləyiblər (hələ hirslərinə bax!). Noyabr ayının 12-də Culfa yanında qaçaqçılar Arazdan keçəndə on dörd tay qaçaq malı salıb qaçıblar. Bu malların hamısı İran mətahıdır: iki tay seyid və mərsiyəxan əmmaməsi, bir xurcun təsbih, bir tay “Cameüd-dəvət” kitabı, bir dəvə yükü falaqqa, iki tay tiryək və bir çuval həna. (Mabədi gələn il 52-ci nömrədə). Lağlağı “Molla Nəsrəddin”, 28 dekabr 1908, №52 * * * Necə qan ağlamasın daş bu gün Necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün! Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq. Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq. Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin. Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın flan şəhərində gün təmamən tutulacaq. Qabaqca haman şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərilir ki, günün tutulmaq sirrlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər. Aşura işlərimiz avropalıların nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə pişəz-vəqt hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar. Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir. Əvvələn: əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib? İkinci: həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər? Və üçüncüsü: səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan; bunların içində bir nəfər də maarif əhli görsənmir? Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bu səslər gəldi: – Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü fəryadı bu günkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağa qalmayacaqdır! Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançılıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn övladına və Rüstəm nəslinə yaraşan igidlik deyil. Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 yanvar 1909, №2 * * * Qənimət Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır: Əzimətsən, əzimətsən, əzimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Pəh, pəh, pəh! Hələ bu cür şairləri görə-görə Hop-Hop da, Əbu-nəsr Şeybani də və Məşədi Sijimqulu da deyirlər ki, biz şairik. Zarafat kənarda qalsın, amma “Din və məişət” jurnalı da doğrudan qənimətdir. Həmin əvvəlinci nömrəsində teatr oynayanlar barəsində jurnal bir doğru təkfirnamə yazıb deyir ki, müsəlman teatrçıları şəriətə xilaf olan teatr tamaşasını mömün müsəlman içinə gətirmək ilə Allah bəndələrini yoldan çıxardırlar. Əlbəttə, bu sözlər səhihdir və əlbəttə bir belə yazıçı müsəlmanlar üçün qənimətdir. İndi dəxi bundan sonra dağıstanlı fəzilətli Əlqədari cənabları və bunun kimi qeyri üləmamız çox da özlərindən deməsinlər, çox da qızlarımızın oxuyub müəllimə olmaqlarına çalışmasınlar, yoxsa mən “Din və məişət”in mollalarını çıxardaram onların müqabilinə, onda görüm nə cavab verəcəklər. Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Mən qorxuram bəzi qəlbiqara cavanlarımız inanmayanlar ki, iyirminci əsrimizin içində “Din və məişət” kimi “falnamə”lərə “Səddiqüləmini” kimi axmaqlar zəhmət çəkib belə uşaq oyuncağı mədhnamələr yazalar. Amma dünyada hər bir şey ola bilər, xülasə: Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Əzimətsən, məzimətsən, nəzimət, Yaşa, ey möhtərəm cin və qəmişət. Cırcırama “Molla Nəsrəddin”, 18 yanvar 1909, №3 * * * Üləma Bəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi. Bilmirsiniz axund həzrətləri nədən danışırdı? Haman bizim insanlıq və müsəlmanlıq təklifimizdən! İslam niyə bu günlərə qaldı? Ondan ötrü ki, camaatımız üləmaya pul vermir. Hərçənd üç milyon müsəlmanın yarısı üləmadır; amma bu üləma müsəlmanların pulu ilə təhsil eləməyib, bunların təhsil xərcləri Amerikada Kaliforniyanın qızıl mədənlərindən gəlib. Sonra elə ki, üləmamız başlayıblar çörək qazanmağa, yenə camaatımız bunlara bir qəpik verməyib. İrəvanda, Bakıda, Şamaxıda, Naxçıvanda, Təbriz və Tehranda üləmamız nə qədər ki, imarət tikdirib, kəndlər qazanıblar, hamımızın mədaxili Yaponiya camaatından gəlib, yoxsa müsəlman hacı və məşədilərinin və kəndlilərinin ciblərindən bir qəpik də çıxmayıb. Yenə bilirmisiniz ki, axund həzrətləri nədən danışırdı? İslam niyə bu günlərə qaldı? Ondan ötrü ki, əğniyamız millət qeydinə qalmırlar və məktəblər açmırlar və heç kəs deməsin ki, Tağıyevlər qız məktəbləri açıblar, Nağıyevlər darül-müəllimin açıblar və qeyri əğniyamız qeyri bir şey açıblar. Xeyr, xeyr! Bunların hamısını eləyən – üləmadır. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən – üləmadır. Füqəraya gəldikdə, bunlar da sırf cahil, sırf vəhşi! Lakin bu füqərada da günah çoxdur, ondan ötrü ki, bunlar da üləma hazır etmək qeydinə qalmırlar. Xülaseyi-kəlam: günahların hamısı yenə bizim camaatdadır. Bir para axmaqlar elə güman eləyirlər ki, üləma gərək camaatın təhsili qeydinə qalsın; amma bu batil bir fikirdir: çünki camaatın canı cəhənnəmə; ancaq üləma üçün elm oxumaq lazım. Vəssəlam! Allah ömür versin! Biz axund cənablarının fərmayişini başdan axıradək təsdiq edirik; amma bircə şey bizə qəribə gəlir: axund buyurur “hanı üləma?”, yəni üləma yoxdur. Allah şahiddir ki, elə biz də həmişə bu sözləri yazmışıq və həmişə isbata yetirmişik ki, üləmamız yoxdur və indi hər nə ki görürük, – bunlar məhz oyun-oyuncaqdır. Bizə qəribə gələn budur ki, axund cənabları bu sözləri buyurduğu məclisdə qeyri üləma tərəfindən yenə gözəl moizələr olunub: bəs bu nə sözdür ki, “hanı üləma?” Hələ bəs Axund Molla Məhəmməd cənablarına nə deyirsiniz ki, məscidi-camedə nasutdan, mələkutdan, fələkutdan, lahutdan, silsilədən, müəyyədən danışıblar (bu qədər də insanda elm olar?). Amma qorxuram ki, qiyami-qiyamət olanda Məşqətə kəndində aşura günü dəstəbazlıq üstə dava edib “şəhid” olanlar sizin yaxanızdan əl götürməyələr. İsti otaqda yuxarı başda əyləşib, yüz min dəfə eşidilmiş sözləri söyləmək camaatımız üçün bir xidmət deyil. Hünər budur ki, aşura günü küçələrdə dəstəbazlıq edən, “sırf cahil” qardaşlarımızın qabağını kəsib, qəmələri və çomaqları alıb atasan dəryaya və Pataqoniya vəhşilərini qoyun sürüsü kimi qaşovlayıb, aparıb qatasan Allahın evinə və minbərə çıxıb deyəsən: “Üzünüz qara olsun, ay mənim din qardaşlarım ki, imamın təziyəsini həbəşilər yallısına oxşadıb millətlər içində bizi rusvay elədiniz!”. Bu, hamının işi deyil, bu, Mirzə Fərəc Pişnamazzadə kimi üləmanın işidir! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 fevral 1909, №5 * * * Küflə qurdu “Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək. Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin. Çox gözəl. Axşam olur, mərsiyəxan çıxır minbərə və müsəlmanları behiştə göndərəndən sonra, başlayır qabaqca özünə pul yığmağa. Müsəlmanlar da verirlər. Ver ha ver, ver ha ver!.. Ay verən əllər hurilərin məməsini əlləsin! Ay yerindən duran ayaqlar qıl körpüdən ildırım kimi keçsinlər! Ay pul verənlər birə min əvəz alsınlar. Bu nəhv ilə mərsiyəxan qabaqca min manatını yığır. Bəli, müsəlmanlar da deyirlər ki, əlbəttə, inşaalah mərsiyəxan öz pulunu yığandan sonra, məktəblərə də pul yığacaq. Aha, molla pulları cibinə qoyan kimi, birdən iki əlilə qırxıq kəlləsinə döyə-döyə başlayır: – Ay haray, bu gün şami-qəribandır, çıraqları keçirdin! Başlayırlar çıraqları keçirtməyə. Məscid olur qaranlıq. Lotu, dinməz-söyləməz, Sumbatov küçəsində gecə yarısı xəlvət gəzən iranlı məşədiləri kimi, minbərdən züvüldüyüb düşür yerə və məsciddən çıxıb gedir. Behişt əhlləri də bir az oturub əsnəyirlər və durub gedib evlərində yatırlar. Molla Əbdüləli də gedir sabahısı günü bir nəfərə, Əlibəyə deyir ki: “yaxşı minmişəm bu eşşəkləri!”. Bunların hamısı millətimizin tərəqqisinə böyük dəlildir və bu tərəqqimizə də səbəb bir neçə vüquat olub: Əvvələn, rus-yapon davası hamı millətlərin gözünü açdı; sonra Rusiyada hürriyyət davası başlandı və bu davanın, əlbəttə, biz müsəlmanlara da az-çox təsiri oldu. Sonra da erməni-müsəlman ədavəti başlandı – dəxi burada müsəlmanların gözləri birdən açıldı. Şəhərlər və kəndlər doldu məktəb və qiraətxanalar ilə. Hər yerdə nəşri-maarif əmələ gəldi. Xülasə, maşaalah, müsəlmanlar bir tərəfdən özlərinin çalışmaqlığı ilə, bir tərəfdən də xüdavəndi-aləmin lütfü sayəsində o qədər qabağa gəldilər ki, Ordubadda mərsiyəxanlar başladılar Allahın evində küçə föhşləri danışmağa; Şamaxıda Mir Mehdilər, həmçinin Gəncədə yuristlərimiz başladılar mərsiyəxanlara mürid olmağa və mərsiyəxanlar da müsəlmanların belinə palan qoyub minəndən sonra, öz dillərilə dedilər ki, “bax gör, bu eşşəkləri necə minmişəm!..”. * * * Təəccüb ki, bu gördüyümüz fokusların hamısı məhərrəmlik əyyamında baş verir. Bundanmı ibarətdir imama təziyə saxlamaq? Rəvadırmı ki, matəm günləri hər bir mütrüb babası, fahişəxana lotusu, Gilan qaraçısı, “Əbdilağa” zəlisi, Ərdəbil pişiyi, Allahverdi küflə qurdu adını rövzəxan qoyub çıxsın minbərin üstünə və biçarə müsəlmanları Allahın evindən iyrəndirsin?! Nə vaxt bunun axırı olacaq?.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 fevral 1909, №6 * * * Bisavad “Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”. Adamına baxar və yerinə baxar. Bu günlərdə Tiflis cəmiyyəti – xeyriyyəsinin iclasında katibdən söz düşdü. Yəni bir elə cavan axtardılar ki, həmi rusca oxumuş olsun, həmi də müsəlmanca savadlı olsun ki, cəmiyyətin dəftərlərini yazsın və qeyr yazı-pozusunu əmələ gətirsin. Hazırda olan ağaların hamısı rusca yarımçıq oxumuş və bir parası dolu oxumuş cavanlar və qeyr cavanlar idi. – Kim katib olsun? Bəli, filan bəy katib olsun – bu sözü eşidən kimi haman bəy yerindən qalxıb təşəxxüs ilə deyir: – Ağalar, mən rusca bilirəm, amma müsəlmanca “panimat” eləmirəm, yəni qanmıram, yəni bilmirəm, məni katibliyə seçməyin. Çox əcəb, bir surətdə ki filan bəy müsəlmanca bilmir, filan ağanı katib seçək. Haman ağa da genə haman bəy kimi pəhlivan kimi ucadan camaata xəbər verir ki, “mən rusca yaxşı bilirəm, amma müsəlmanca “neznayu”, yəni bilmirəm. Bu sözləri yazmaqda mətləbim budur ki, yarımçıq və qeyri yarımçıq oxumuş cavanlarımıza desən ki, “sən rusca çox yaxşı bilmirsən” – bu cavan səninlə böyük dava başlar. Yəni rusca “bisavad” olmağını özü üçün böyük eyib hesab elər. Amma haman ağalar müsəlmanca bilməməklərindən nəinki utanmırlar-bəlkə bilməməklərinə hələ fəxr eliyirlər. Amma oxucularımızdan xahiş edirəm ki, bunun səbəbini məndən soruşmasınlar, çünki mən bilmirəm nədir bunun səbəbi. Və bilmək də çox çətindir. Cırcırama “Molla Nəsrəddin”, 8 fevral 1909, №6 * * * İp İrəvandan bir belə kağız aldıq: “Bir gün Hacı Şeyx Ələkbər ağa, Hacı Molla Sadıq ağanın təziyəsində moizə edirdi. Əsnayi-moizədə dedi: Camaat, bir gün bir neçə adam gəldilər ikinci xəlifə Ömərdən sual elədilər ki, ya xəlifə, biz şiələri tanımırıq ki, tutub öldürək. Xədifə çıxartdı bir ip verdi ki, bu sizin ölçünüz. Bu ip hər kəsin boyuna gəlsə öldürün – o şiədir!”. Əgər Hacı Şeyx Ələkbər ağa xırda mollaların biri olsaydı, biz bu sözlərə əhəmiyyət verməzdik və bu barədə danışmazdıq; lakin Şeyx Ələkbər ağa İrəvanda o dərəcədə hörmət qazanıb ki, əgər yuxarıda yazılan əfsanəni demiş olsa, dəxi bundan sonra İrəvan qırmızı saqqallılarının beynindən bu cür sözləri kankan qazması ilə çıxartmaq olmayacaq. İrəvanda haqq və sədaqət tərəfdarlarından təvəqqə edirik ki, işi diqqət ilə təhqiq eləyib, bu barədə bizə əhvalatın əslini və həqiqətini yazıb bildirsinlər. Əgər bu xəbər yalan olmuş olsa, biz şeyxdən üzr istəyib, müxbirdən məcmuəmizdə şikayət yazarıq. Əgər doğru olsa, o vədə yenə bu söhbəti təzələrik. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 fevral 1909, №7 * * * Poçtxana Mən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana elə bil ki, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var. Tiflisdən Gəncəyə gedən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdiver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz. Yəni maşallah bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər. Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: ”Cənab Molla Nəsrəddin, mən Kərbəlayi Əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəlimci nömrədən başlayıb göndərəsiniz”. Çox əcəb. İki gün keçər, xəbərimiz olur ki, ”Qeyrət” mətbəəsinə bir nəfər adam gəlib və deyib: ”Mən Molla Nəsrəddini görəcəyəm.” Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə və filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eləyirlər ki, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir də görürsən ki, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə. – Salaməleyküm. – Əleykəsəlam, haralısan? – İrəvanlı. – Adın nədir? – Məşədi Cəfər. – Nə qulluq? – Bir elə qulluq yoxdur. Ancaq, ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məəttələm. Neçə dəfə fayton ilə mətbəəyə getmişəm, sizi tapmamışam-deyiblər ki, Molla hamama gedib. – Bəli, bağışlayınız, indi nə qulluq? – Xeyir, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin –ürəyim yanıb, bu gün səhərdən sizi gəzirəm. Çünki Kərbəlayi Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam. Bu gün Salyandan bir belə kağız alırıq: ”Cənab Molla Nəsrəddin, mən bu gün burada bəradəran Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovların şəriki cənab Hacı Ələsgər Hacı Nəcəf oğlundan alasınız”. Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazarına ki, görsün cənab Hacı Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, ”Tapa bilmədim”. Sabahısı günü genə haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gəlib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi getmişdi hamama. Şagirdi də dedi ki, ”Mən bilmənəm”. Bir gün keçir genə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, ”Mənə bu barədə bəradəran Hüseynovlardan bir sifariş gəlməyib, gələndən sonra-baş üstə, verərəm”. Bir həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, ”Sən get, mən pulu özüm gətirrəm Mollanın xidmətinə”. Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradovoylardan müsəlmanca Molla Nəsrəddin idarəsini soruşurlar. Bu dəfə tapmayıb geri qayıdırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərkəz və qışqırıq ilə girirlər içəri kəhildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su içəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib bəradəran Hüseynovlara ki, sizə yetişsin. İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir ”perevod” kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə Molla Nəsrəddin idarəsinə, filankəsin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticarət aləmində bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ilə bir kəsə 5 manat göndərə bilsin? Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbət edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün sabah dava edəcəklər. Mən istəyirdim haman nömrədə cəfəngiyat əvəzinə bir siyasi məqalə yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti nə vaxt, haradan başlanıb, istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu və ildə bir dəfə Osmanlı sultanları, paşaları və yanıçarları göndərib serblərin bir az başlarına tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət elərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa və məşrutəli bir kraliça oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır, amma di gəl ki, başladılar məktəblər açmağa, darülfünunlar açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdəha ilə kəllə-kəlləyə vuruşsunlar. Hə, nə üstə? Bosnya üstə. Bosnya nədir? Xülasə, istəyirdim buna oxşar bir söhbət başlayam, amma öz-özümə dedim ki, ay Molla Nəsrəddin, sən dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır-məgər bu cür camaat üçün rəvadırmı yazmaq ki, nə bilim Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayidə ilə 5 manat göndərmək. Hələ qabaqca bunu bilmək lazımdır. Genə deyəsən uzun oldu. Lağlağı “Molla Nəsrəddin”, 22 fevral 1909, №8 * * * Həmşəri və saldat S a l d a t : Həmşəri, zaçem tvaya qamsum tatar şaxsey-vaxsey başqa qinjal prapal. H ə m ş ə r i : Ağa saldat, patamu qamsı tatar zorba başqa rejim rabatay; məsələn, erməni takoy çalavert, qorxax, musurman qorxax bilməz, patamu indi qamsım urus, firənk, erməni, gürcü pasmatri musurman şaxsey-vaxsey mnoğo-mnoğo kriçit, kriçit, başqa vsyo qinjal, başqa vsyo qəmə, rejim, rejim, şaxsey rejim, patamu vsyo ingilis, vsyo urus, vsyo firənk qamsum gəlib pasmatri kakoy zorba pasmatri musurmandan qorxub delayet, tvoyo urus şto? Burnundan adin nemnoşko qan gələn kimi kriçit, ay umirat, ay doxtor, umirat. Patamu musurman zorba. S a l d a t : Paşol, durak, tvoya başqa saman, bolşe niçeqo. H ə m ş ə r i : Ağa saldat ağzını təmiz saxla. Dəli “Molla Nəsrəddin”, 1 mart 1909, №9 * * * Allaha şükür olsun Allaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan da, mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralanmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislərimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin bir neçəsinin ömrünü tulani eləsin. Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur. Allah baislərin ruhunu şad eləsin! Genə şükür olsun Allaha ki, işlərin axırı xeyir oldu. İndi Bakıda o qədər sakitlikdir ki, o qədər rahatlıqdır ki, o qədər arxayınlıqdır ki, əhali qurd-quzu kimi otlayırlar, necə ki, Məşədi Çijimqulu deyib: Sirqətə qətlə, qəbih işlərə eyləndi əlac, Qəmə, qəddarə, karastular olundu ixrac, Bakıda əmin-amanlıq yenidən tapdı rəvac, Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm. Malades bakılılar gör necə bidad elədi, Afərin onlara, şəhri əcəb abad elədi, Qorxudan qəmli olan qəlbləri şad elədi, Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm. Dəli “Molla Nəsrəddin”, 8 mart 1909, №10 * * * Ticarət xəbərləri Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar. Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər. Haman şəkli çəkəndən sonra Gəncədən dörd məktub almışıq. Yazırlar ki, “ay Molla Nəsrəddin, məgər Məkkədən qayıdan hacı kasıb olar? Elədə bəs sən bizim Gəncədə filan bəyi tanımırsan, filan şeyxi tanımırsan, filan məşədini tanımırsan, filan hacını tanımırsan?” Genə deyirik ki, bizim bu barədə bəxtimiz yoxdur, amma təəccüb buradadır ki, hələ özgə şəhərlərdən bu xüsusda bizə rədd yazan yoxdur. Lakin söz veririk ki, əgər özgə şəhərlər də Gəncə kimi olsa, onda biz sözümüzü geri götürərik və cəmi dövlətli hacılardan təvəqqə edərik ki, bizi bağışlasınlar. Hər kəsin sözü var yazsın. Molla əmi “Molla Nəsrəddin”, 8 mart 1909, №10 * * * Pillə-pillə Pillə pillədir. Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”. Bir ay da keçdi. Yenə müsəlmançılığa bir xəcalətlik üz verdi. Yenə ətrafımızdakı tayfalar kənardan durub, öz-özlərinə dedilər ki, “bəli, nə eybi var? Müsəlmanların ruhani atası belə olar” (yəni atası belə olanda gör oğulları necədir). Bir-iki ay da keçdi. Yenə bir rüsvayçılıq üz verdi. Axır, vallah bilmirəm nə deyim; adam, doğrusu, utanır. Yenə bu qonşular olmaya, yenə, məsələn, bu işlər Səlmasda, Buxarada, Zünuzda, Danabaş kəndində vaqe ola, – adam deyər ki, “eh, nə eləyək? Cəhənnəmə-gora! Bir özgə adam ki, görmür. Amma bu kafirlər içində, vallah, yaşamalı deyil. Adam az qalır yerə girsin. Bəli, yenə bir-iki ay keçdi. Yenə həyatımıza təzə bir sədəmə toxundu. Yenə əğyar kənardan baxıb dedilər ki, bəli “əlbət, elə şeyxülislam belə olar”. Xülasə, sözüm burasındadır ki, bunların hamısı pillə-pillədir. Dəli “Molla Nəsrəddin”, 15 mart 1909, №11 * * * Xanımlar Serbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər. Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü. Bir neçə həftə bundan irəli axundlarımızdan birisi xəbər vermişdi ki, cəmi xristian xanımları bihəyadırlar, çünki üzüaçıq gəzirlər. Axund cənablarının sözünü oxuyanda, doğrusu, mən bir az istədim bu sözlərə inanmayam; ondan ötrü ki, ömrümdə nə qədər xristian xanımları görmüşəm, nə qədər bunların barəsində az-çox kitablar oxumuşam, nə qədər Avropa tarixinə az-çox bələd olmuşam, mənim heç bir vaxt xəyalıma gəlməyib ki, xristian xanımlarının hamısı bihəya olalar. Axund cənablarının sözünə bir də o səbəbə şəkk gətirdim ki, strajnik arvadlarından savayı axund cənabları dəxi özgə xristian arvadı görməyib. Və hələ görmədiyi qalsın kənarda, heç bilmir ki, xristian arvadları dünyanın hansı tərəfində yaşayırlar. Mən mərc gələrəm ki, indi gedək axund cənablarından təvəqqə eləyək ki, xristian arvadlarının hansı səmtdə olmalarını əli ilə göstərsin. Söz yox, axund əlini bir tərəfə uzadacaq; amma bir yaxşı mülahizə eləsək, baxıb görərik ki, o göstərdiyi tərəf ya Danabaş kəndidir, yainki Yaponiya ilə Sibirin arasıdır. Sözüm orada deyil; sözüm oradadır ki, doğrudan bir hünərdir ki, adam bir şeyi bilməyə-bilməyə və eşitməyə-eşitməyə o şeydən xəbər verə, bu özü də bir cür elmdir; hələ nəinki elmdir, bəlkə Allah vergisidir. Çox qəribə. Bu axır vaxtlarda xristian xanımlarını bizim qəzetlərdə “fahişə” adı ilə adlandıran çox olur. Amma biz diqqət eləsək, görəcəyik ki, belə sözü danışanlar və yazanlar həmişə o kəslər olublar ki, Avropa məişətindən və Avropa mədəniyyətindən əsla bixəbərdirlər. Bu özü də Allah vergisidir. Bu özü də bir hünərdir. Çünki insan öz bildiyi şeylərdən həmişə danışa bilər; amma hünər budur ki, elə mətləbdən danışasan ki, heç onu yuxunda da görməmisən. Bu özü çox böyük hünərdir. Hələ bəlkə Allah vergisidir. Lağlağı “Molla Nəsrəddin”, 29 mart 1909, №13 * * * Haman söz Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir… Kimdir Sultan Əbdülhəmid? Bu barədə çox danışılıb. İndiyədək sultan barəsində nuxalılar ilə, şamaxılılar ilə və dağıstanlılar ilə bizim aramızda bir növ mübahisə əmələ gəlib; yəni sözümüz bir-birimizə xoş gədməyib. Sultan söhbəti düşəndə onun gədaları həmişə istəyiblər sübuta yetirsinlər ki, “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri hamiyi-şəriəti-Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahi-ülum və maarif olan bir zatdır”. Amma biz bunun cavabında həmişə demişik ki, Sultan Əbdülhəmidi-sani Osmanlı məmləkətinin və məmləkətdə yaşayan cəmi millətlərin düşmənidir və Osmanlı taxtına dırmaşıb qalxandan indiyədək, bu otuz altı ilin ərzində, gecə-gündüz fikri o yerdə olub ki, məmləkəti məhv eləsin; yəni puça çıxartsın. Heç kəs indiyədək bizim sözümü təsdiq eləməyib; hamı elə bilib ki, sultan ilə bizim ata-baba davamız var, şəxsi ədavətimiz var. Bir tərəfdən “Həblül-mətin”lər və Qafqaz qəzetlərimiz sultan barəsində uzun-uzun şahnamələr yazıb camaatı istəyiblər öz tərəflərinə çəksinlər, bir tərəfdən də Avropada və Misirdə Sultan Əbdülhəmidin təqsirnamələrini nəşr eləyən osmanlı mücahidlərinin qəzetləri camaatımızın nəzərinə çata bilməyib. Odur ki, indiyədək meydanda qalmışıq tək. Baho!.. İndi gör nə var! İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə; çünki indi eşidiblər ki, cavan türklərin qoşunu sultan Əbdülhəmidi istəyir taxtdan itələyib salsın aşağa. Yenə bunlar hamısı ötüşüb keçən işlərdir: amma bircə şey ötüşüb keçməyəcək. Söz yox, maarifpərvərlərimizdən çoxları tapıla bilər ki, bəzi qəzetləri əvvəlinci nömrəsində ilin axırınadək yığıb kitab bağlayırlar ki, sonra hərdənbir açıb köhnə işləri yada salsınlar. Əgər indi birisi açıb qəzet kitabını vərəqləyə və sultan barəsində yazılan sözləri oxuya, onda baxıb görəcək ki, dünən yazılıb: “Sultan Əbdülhəmid-xani-sani əfəndimiz həzrətləri, hamiyi-şəriəti Məhəmmədiyyə, xəlifeyi-islam və himayəgahiülum və maarif…”; amma həmin qəzetin o biri nömrəsində oxuyacaq ki, Osmanlı məmləkətinin parçalanmağına, ülum və maarifin məhv olmağına və indi də İstambulda qanların axmağına səbəb bir zat olubdur; onun adı – Əbdülhəmidxani-sanidir! Mən elə bilirəm ki, hər bir şey ötüşsə, bu ötüşməz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 aprel 1909, №15 * * * Çaqqal Meşə çaqqalsız olmaz. Atalar sözü Səmərqənd meşələrində hər qism heyvan var; lakin bu heyvanların içində axır vaxtlarda çaqqal görsənmirdi. Bu da çox qəribə bir işdir, çünki məlumdur ki, “meşə çaqqalsız olmaz”. Bu məsələ Avropa üləmasını çoxdan məşğul eləmişdi. Və neçə dəfələrlə Avropadan və Rusiyadan səyyah dəstələri gəlib, Səmərqənd meşələrini gəzib, çaqqal tapmayıb gediblər. Daşkənd şəhərində çıxan “Türküstan” qəzeti yazır ki, axırda Səmərqənd meşələrində çaqqal da tapıldı. Və əhvalatı bu qərar ilə yazır: Bir neçə ay bundan əqdəm Rusiya tatarları ədiblərindən möhtərəm Fateh Kərimi, Zakir Qadiri və Əhməd İshaqi cənabları bir heyət təşkil edib, Səmərqəndə tərəf azim olublar ki, çaqqaldan bir xəbər bilsinlər. Musafirlər səmərqənd meşəsinə daxil olub bir şey tapa bilməyib və yorulub bir ağacın dibində oturublar ki, rahat olsunlar və bikarçılıqdan bir kitab açıb başlayıblar oxumağa. Kitabın adı “Təhrirül-imrə”, yain-ki “Xanımları əsarətdən qurtarmaq” imiş. Yazanı Qasım bəy Əmin. Ağalar kitabı açıb oxuyan kimi görüblər ki, bir ağacın yuxarısında bir heyvan ulayır və aşağı acıqlı baxa-baxa hirsindən ağacın budaqlarını gəmirtdəyir. Deməginən bu heyvan çaqqal imiş. Bu səs şəhərə dağılan kimi xalq həyəcana gəlir. Və bir paraları istəmir inansın, bir paraları da cavab verirlər ki, xeyr, o heyvan çaqqal deyil imiş, bəlkə Səmərqənd müftisi məhəmməd Bəqa xacə imiş. Xülasə, əhvalat bu cür olur. Axırı nə olacaq, onu da Allah bilir. Lağlağı “Molla Nəsrəddin”, 12 aprel 1909, №15 * * * Qəyyumluq kantoru Dinli, imanlı, ədalətli, ibadətli, ağzıdualı, əli təsbehli hacıları Allah-taala dünyada nədən ötrü xəlq eyliyib? Ondan ötrü ki, ölülərimiz vəsi və qəyyumsuz qalmasınlar və yurdları kor olmasın və mallarını zorba-zorlular yeyibdağıtmasınlar və mövqufatlar ara yerdə puç olmasın. Lakin Dağıstanda Petrovsk şəhərindən savayı bu mətləbi heç bir yanda indiyədək mülahizə eləmiyiblər. Belə ki, bir neçə il bundan irəli bu şəhərin ağzıdualı hacıları bir yerə cəm olub məhz Allah rizası üçün hökumətin izni ilə və qazi cənablarının təsdiqi ilə bir qəyyumluq kantoru açıblar ki, hər bir müsəlman özünə qəyyum və vəsi təyin etmək istəsə, həmin kantoraya rücu eləsin ki, bəlkə ədalətli və ibadətli şəxslərin səy və təlaşı sayəsində heç bir müsəlmanın səğirlərinin hüququ mərdüməzarın ixtiyarına keçməsin. Allah ömür versin, bu neçə ilin ərzində qəyyumluq kantorası göstərdiyi xidmətin intəhası yoxdur. Buradan çıxan saleh-qəyyum və vəsilər hələ indiyədək heç Naxçıvanda da görsənmiyib. Sözümüzü sübuta yetirməkdən ötrü adbaad saya bilərik. Petrovsk kantorasından şəhadətnamə alıb çıxan dindarların biri 1317-ci tarixdə vəfat edən Məlikməhəmməd Babayevə qəyyum olub və mərhumun tərəfindən imtiyazı alınan məktəbi təmir eliyib millət üçün bir böyük yadigar qoydu. Həmin kantoradan şəhadətnamə alıb qəyyumluğa çıxanların biri də 1322 tarixdə həccə gedən günü vəfat edən bir dövlətliyə qəyyum olub və mərhumun altı yaşında qızını çığırda-çığırda qazinin köməkliyi ilə öz qardaşı oğluna nikah etdirib ki, dövlət əldən getməsin. Kantoradan çıxan qəyyumların biri Səmərqənddə Axund Hacı Molla Barat cənablarıdır, biri Danabaş kəndində Hacı Kərimdir. Xülasə, söz müxtəsər yaxşıdır. “Molla Nəsrəddin” vasitəsi ilə ətraf və əknafa elan olunur ki, qeyr məmləkətlərdə hər bir kəsə əmin və ağzıdualı vəsi və qəyyum lazım olsa, bu adres ilə istəsinlər: Petrovsk, Dağıstan, Baryatinskaya küçədə, qəyyumluq kantora rəisi Hacı filankəsə. Lağlağı “Molla Nəsrəddin”, 19 aprel 1909, №16 * * * Muştuq Bu urus tayfası doğrudan, çox xamdı. Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır. Bu qərardad, əlbəttə, rus uşkolalarında dərs deyən elmi-ilahi müəllimlərinə xoş gəlmiyəcək idi və necə də xoş gələ bilərdi, bir surətdə ki, şair deyib: “Tərki-adəti tərkitmək mövcud mərəzin naxoş olmağına səbəb ola bilər”. Yazıq fağır urus elə xəyal eliyib ki, müsəlman elmi-ilahi müəllimləri belə qərardada boyun əyib dəxi aciz qalacaqlar. Amma xeyr, bu xəyal xam xəyaldır. Belə ki urus-müsəlman uşkolasında dərs verən müəllimlərimizin biri bir gün arşın yarım uzunluğunda bir yoğun muştuq çıxardıb başlıyır uşaqların birini döyməyə. Uşkolanın naziri şaqqıltının səsinə gəlir görsün ki, bu nə mərəkədir. Müəllim tez bir papiros çıxardıb taxır muştuqa və başlıyır çəkməyə və nazirə deyir ki, uşaq dərsini bilmirdi mən ehmalca yapışdım qulağından, zırımpanı başladı. Nazir də müəllimin sözünə inanıb qoyub gedir. Vəssalam. Onu demək istəyirdim ki, bu urus tayfası doğrudan, çox xamdır, elə bilir ki, falaqqanı və ağacı məktəblərdən götürmək ilə dəxi müəllimlərimizi məəttəl qoyacaq. Muştuğun canı sağ olsun. Cırcırama “Molla Nəsrəddin”, 19 aprel 1909, №16 * * * Yamaq Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq. Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. Dünən gördüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta çıxmağından yana konsula “mübarək olsun!” desinlər. Mən bunu görəndə Cəfərin şalvarının gündə bir dəfə cırılmağı yadıma düşdü: biçarə uşağın anası oğlunun şalvarını bu gün yamardı, sabah şalvarın bir özgə yeri cırılardı, çünki parça dəxi çürümüş idi. Hələ buradan bir haşiyə çıxaq. Möhtərəm “Tərcüman” qəzetinin 15-ci nömrəsində oxudum: “Buxarayi-şərifdə şəfaxana var – təbibləri rusdur, poçtaxana var – məmurları rusdur, dəmir yolu var – mübaşirlər rusdur, polisə var – naçalniklər rus olacaqdır və halonki, Buxara hökuməti rus gimnaziyalarına yüz minlərcə pul ianə edə-edə üç-beş cavanı rus məktəblərinə təhsil üçün göndərməyi lazım bilmədi”. Oxucularımızdan təvəqqə edirəm ki, bu sözü səhl saymasınlar; ondan ötrü ki, Buxara da şalvarın bir hissəsidir. * * * Mən bircə bunu istəyirəm biləm ki, aya müsəlman məmləkətlərində məşrutə asan vəchlə baş tuta bilərmi, ya yox? Mən elə qanıram ki, oxucularımızın heç biri mənim bu sualıma cavab verə bilməz; o səbəbə ki, rus kitablarını oxuya bilməyən müsəlmanlarımız indiyədək hələ bilməyiblər və eşitməyiblər ki, aya məşrutə nə deməkdir?! Nə fars dilində və nə türk dilində bu barədə bir kitab yazılmayıb. Müsəlman qəzetlərinin bəzisində bir para qırıq-quruq mətləblər yazılıbsa da, çoxdan yaddan çıxıblar və bir də o mətləblər ərəb dilində yazılıb. Söhbətdən uzaq düşdük. Mən bircə bunu istəyirəm biləm ki, aya müsəlman məmləkətlərində məşrutə asan vəchlə baş tuta bilərmi, ya yox? Əgər hamı birdən mənə cavab versə ki, “xeyr, baş tuta bilməz”, mən qələmi qoyaram yerə və sözümü qurtararam, amma əgər “hə” deyən olsa, o vədə bir papiros yandırıb, söhbətdə bir az davam edərəm. * * * “Məşrutə” deyilən bir elə şeydir ki, neçə yüz il bundan irəli İngilisdə baş verib, Avropa məmləkətlərini dolana-dolana indi gəlib düşüb biz müsəlmanların içinə. Biz də hər bir Avropa əməlinə yaxşı deyə-deyə məşrutəyə yaxşı deyib, istəyirik ki, biz də buna sahib olaq. Amma bunu yadımızdan çıxardırıq ki, məşrutə yamaq götürən zəhrimar deyil: bunu qəbul eləyən gərək çürük şalvarı ayağından çıxarıb, bilmərrə, ata kənara. * * * Dünyada məşrutənin bircə mənası var; bunun mənası budur ki, bir məmləkətin millət vəkilləri bir yerə cəm olub təzə qanunlar icad eləyirlər və millət də borclu olur o qanunlardan qədəm kənara qoymasın. Oxuculardan təvəqqə edirəm, iki kəlməyə diqqət eləsinlər: təzə qanun. Əlbəttə, millət vəkilləri vəz etdiyi qanunlar gərək təzə olsunlar. Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. Bu zarafat deyil; burada çox düşünmək lazımdır… * * * Hər bir insaf əhli bu mətləbi zaiqəyə tapşırsa, – gərək razı ola və yəqin eləyə ki, məşrutə deyilən – mərdümazar işlərin biridir; o səbəbə ki, bir gün əgər millət nümayəndələri istəsələr, yığışıb bir belə qanun çıxarda bilərlər ki, məsələn, bundan sonra bacı ilə qardaş gərək ata malından bərabər irs aparsınlar; nəinki bacı bir hissə və qardaş iki hissə. İndi mən də məşrutə tərəfdarlarından soruşuram: aya, millət vəkillərinin bir belə qanun çıxartmağa ixtiyarı var, ya yox? Əgər yoxdur, – dəxi bu məşrutə olmadı; əgər var, – elədə Tehranda Şeyx Fəzlullahdan və İstambulda “İttihadi-Məhəmmədi” firqəsindən dəxi niyə narazıyıq? * * * Məşrutə üsulu ilə idarə olunan məmləkətdə hər bir şey gözləmək olar. Bir gün ola bilər ki, millət vəkilləri bir belə qanun yazalar: “Əgər on iki yaşında bir qız qoltubuna kitab vurub üzü açıq məktəbə gedən yerdə bir məşədi o qıza deyə: “üzünü ört, bihəya” – o vədə haman kişiyə gərək tənbeh oluna; çünki azad məmləkətdə yolnan keçənə bir söz demək olmaz”. İndi mən də məşrutəşünaslardan soruşuram: aya millət vəkillərinin bir belə qanunu icad etməyə ixtiyarları var, ya yox? Əgər yoxdur, – dəxi bu məşrutə olmadı, əgər varsa, – elədə Hacı Mirzə Həsəndən və məşrutənin sarıqlı düşmənlərindən inciməyə nə haqqımız var?.. * * * Hələ bunlar keçəndən sonra, ortalığa “hürriyyətidin” söhbəti gələcək. Onda canımızı hara qoyacağıq? Hələ çox əngəllər var, hələ harasıdır?.. * * * Xülasə, sözümüzdən uzaq düşdük. Bu gün eşidirəm ki, Məhəmmədəlişah on doqquzuncu dəfə məşrutəni təsdiq elədi; dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan yendirdilər. Ola bilər ki, sabah da Əmiri-Buxara məşrutə məşqinə düşə. Amma bunlar hamısı mənim nəzərimə yamaq kimi bir şey gəlir. Qorxuram elə hey bir ucdan yamayasan, o biri tərəfdən cırıla. Allaha pənah. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 aprel 1909, №17 * * * Dörd yüz qız Oxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər? Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər. * * * Doğrudur və bunu inkar eləmək olmaz ki, Əbdülhəmidin altmış rəs arvadı var idi və bu arvadlardan savayı üç yüz qızdan ibarət olan hərəmxanası var idi. Övrətlərin ancaq on birini Əbdülhəmidə verib, qalan övrətləri və qızları cavan türklər azad elədilər. “Tərəqqi” qəzetinin 87-ci nömrəsindəki teleqraf xəbərlərini oxuyanlar bilirlər ki, bu sözlər zarafat deyil. Demək, Əbdülhəmidin hərəmxanasında dörd yüzədək övrət və qız var imiş. Hələ mən istəyirəm biləm ki, bunun əcnəbilərə nə dəxli var? Avropa millətlərinin Əbdülhəmidin hərəmxanasına sataşmağa heç bir haqqı yoxdur və buna mən bir neçə səbəb gətirə bilərəm. Əvvəlinci səbəb: Aya məgər bu bir pis işdir? Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub bizim yaxamızdan yapışıblar? Məgər Avropada belə hərəmxanalar yoxdur? London şəhərində elə mötəbər fahişəxanalar var ki, orada nəinki dörd yüz, bəlkə dörd mindən artıq qız var… Avropada hansı bir şəhər var ki, orada Əbdülhəmidin hərəmxanasına oxşayan bir lotuxana olmasın?! Bunlar keçəndən sonra, bizim öz sultanımızın hərəmlərinin qeyrətini çəkmək məgər avropalılara qalıb? İkinci səbəb: Bir saatlığa belə tutaq ki, Əbdülhəmidin hərəmxana işləri tüpürməyə layiq bir şeydir. Çox əcəb. Bunun avropalılara nə zərəri? Məgər hərəmxanalara qatılan qızlar Avropa qızlarıdır? Dünya və aləm buna şahiddir ki, sultanın dörd yüz odalıqları Dağıstan çərkəslərinin, Qafqaz müsəlman və gürcülərinin, Şamın ağ ərəb tayfalarının gözəl və balaca qızlarındandır ki, Əbdülhəmidin məmurları fürsət düşən kimi, xəlvətcə oradan-buradan şikar edib zor ilə aparıb qatıblar hərəmxanaya. Burada yenə bir elə pis iş yoxdur. Tutaq ki, şəriətdə bir müsəlman dörd nigahlı arvaddan artıq arvad ala bilməz; istər xəlifə olsun, istər çoban olsun. Amma yenə bu bir çirkin iş deyil; əgər olsaydı şeyxülislam şəriət naminə sultanın bu hərəkətinə etiraz edib mane olardı. Və saniyən, burada bir kəsə bir zülm də yoxdur. Doğrudur, qızları tutub aparanda bunlar əvvəl bir çığır-bağır salırdılar, amma axırda xoşbəxt olurdular; çünki bunların hansı sultana yaxın olmaq bəxtəvərliyinə çatırdısa, qardaşları, ya əmi oğulları da saraya çağrılıb birdən paşalıq, ya baş xəfiyyəlik mənsəbinə sahib olurdu; məsələn, Əbdülhəmidin qayınları çərkəs Məhəmməd paşa, Cəlaləddin paşa – belə ali məqama həmin bu vasitə ilə çatıblar. Hərçənd yerə-göyə çığışmayan zülmlər camaata eləyiblər, amma eləyiblərsə də, müsəlman camaatına eləyiblər, nəinki avropalılara. Dəxi özgələrə nə dəxli var? * * * Doğrudur, o cür ki, Avropa qəzetləri müsəlmanların halını təsvir eləyirlər – adam oxuyanda ağlamağı gəlir. Müsəlman məmləkətlərində Əbdülhəmidin hərəmxanasına oxşayan minlərcə hərəmxanalar var. Bu hərəmxanalarda minlərcə “xədim”lər var. Bu insan balalarını Afrika çöllərindən oğurlayıb müctəhidlərin və şeyxülislamların gözlərinin qabağında qoyun kimi yıxıb kişilikdən salıblar ki, hərəmlərə tamaşa eləməsinlər. Belə vəhşiliklər şəriətin ziddi ola-ola, heç bir “hamiyi-şəriət” bu yolda bir söz danışmayıb. Axırda cəmi islam aləmi dolub hərəmxana ilə, cəmi müsəlmanlar “xədim” kimi bir şey olublar və “murdar” avropalılar bizim halımıza ağlayanda, biz də onların üstünə gülürük. Mərsiyəxanı görəndə ağlayırıq, amma avropalını görəndə gülürük. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 may 1909, №18 * * * İstifta Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox? Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”. İstiftaya imza qoyublar: bir molla və bir hacı. * * * Bəli, mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur, avamlar da təşxis edə bilərlər; amma mən ona heyifslənirəm ki, bu sözlər ərəbcə yazılıb və camaat qanmayacaq. Yaxşı olardı ki, bu cavab avamın öz dilində yazılaydı; məsələn, bu cür ki: “ay Allahın heyvanları, görürsünüz ki, “kür” suyunu üç yüz min Bakı camaatı içə-içə kökəlir. Görürsünüz ki, “kür” suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, nə qoxusu var, nə iylidir; ay dilsiz-ağızsız, adama oxşayanlar, dəxi üləmaya niyə baş ağrısı verirsiniz?”. * * * Amma öz aramızdır, – üləmamızın cavabında da mən o qədər sədaqət görmürəm; səbəbi budur ki, həqiqətdə əgər mövzuatı təşxis etməkdə üləmaya ehtiyac olmasa, dəxi bundan sonra kim üləmaya hörmət qoyacaq, dəxi bundan sonra üləma kimə lazım olacaq? Bizim “mübarək” müsəlmanlar üləmadan izn almamış, üləmadan “istifta” eləməmiş bozbaşa “noxud” salmaq istəmirlər; əgər mövzuatı təyin eləmək məşədilərin öz ixtiyarına qalsa, dəxi üləmanın üzünə baxan kim olacaq? Və buna da inana bilmirəm ki, üləmamız öz xoşlarına, mövzuatın təşxisindən özlərini kənar eləyələr. Xeyr, hələ çətindir, hələ tezdir. Bəlkə bir vaxt elm və finnin bərəkətindən bu işlər düzələ. Əgər mövzuatın təşxisini üləmamız, camaatın öx ixtiyarına qoymaq istəsəydilər, yuxarıdakı istiftanın cavabını iki sətir ilə qurtarıb deyərdilər ki, “bu bizim işimiz deyil”. Amma xeyr, yenə noxtanı əldən ötürmək istəməyiblər: “Bəli, getdik suya baxdıq, suyun üstü açıqdır və nəcis olsa da, yağış təmizləyir; bəli, biz izn veririk ki, içəsiz”. * * * Yox, əzizim, belə deyil: mövzuatı hər bir avam təşxis edə bilməz və onunçün də avamdır ki, hes bir şeyi təşxis edə bilmir. Xüsusən su məsələsində ki, nəinki avamların, bəlkə “üləmamızın” da bu məsələsini təşxis və təyin etməyə ixtiyarı yoxdur. Su nədir? Nə əczadan əmələ gəlir, nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? Mədən suları hansıdır, dərya suyu nədir? Axar suyun xasiyyəti nədir? Kəhriz suyunun hikməti nədir? Yağış suyu nədir? Niyə bir para mədən sularını bir para xəstələrə və bir para mədən sularını bir özgə qism xəstələrə rəva görürlər? Nə vaxt çiy suyu lazımdır içmək, nə vaxt qaynatmaq lazımdır? Dünyada ən yaxşı sular hansı çayların, mədənlərin, yaylaqların suyudur? Qafqazda hansı sular var? Suyu nə cür təmizləmək? Yoxsa bunlar zarafatdır? Bəlkə bunların hamısını “üləmamız” bilir? Əgər bilirlərsə, zəhmət çəkib buyursunlar görək hansı darülfünunda və nə kitablar ilə təhsil eləyiblər; əgər bilmirlərsə, bəs yazıq camaatın yaxasından niyə əl götürmürlər? Sözün doğrusu, su məsələsinin istiftası mənim xoşuma gəldi. İndiyədək molla məsumlar və mir murtuzalar ancaq ruslar ilə əl-ələ vermək məsələlərindən yana istifadə edərdilər. Amma “su” söhbəti çox əhəmiyyətli və danışılmalı mətləbdir. * * * Doğru deyir Bakı camaatı: aya, “kür” suyunu içmək olarmı, ya yox? Hərçənd bu istiftadan məqsəd behişt açarını piş əz vəqt ələ gətirməkdir, amma yenə su məsələsinin heç olmasa diriliyə də dəxli var. Bəli, içmək olar; ondan ötrü ki, üstü açıqdır və yağış vurub təmizlər. Vəssalam. Yox, sərkari-mən, hər suyu içmək olmaz, istər həmişə yağış vursun! Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür və həmişə yağışın altındadır; amma bu sudan vəba zəhəri heç əskik olmur və həmin azarın mədəni Qanq çayı hesab olunur. Bir çayın başı azarlı vilayətlərdən axıb gələndə çayın aşağılarında düşən əhaliyə o suyu içməyi həkimlər qədəğən eləyirlər. Amma dünyada elə sular var ki, insanı ölümdən qurtarır; məsələn, Qafqazda mədən suları, Avropada Karlsbad suyu və qeyri min-min sular. * * * Yuxarıda yazdığımız su istiftası mən indiyədək bu üç ilin müddətində dediyim sözlərin hamısını təsdiq eləyir və mən indi yenə deyirəm ki, işlər asanlıqla düzəlməyəcəkdir. Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik. Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. Əgər bu gördüklərimizi on il bundan qabaq görsəydik – yenə bəlkə təəccüb eləməzdik. İndi dünya və aləm bir-birinə dəyir və biz yenə hələ nələr görürük!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 may 1909, №19 * * * Məscidlər Hamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var. Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur. Amma bircə şey var: Bir tərəfdən qonşularımız bizim belə tərəqqi etməyimizi görüb başlayıblar narahat olmağa; qonşularımız bundan qorxurlar ki, biz Qafqaz müsəlmanları maarifin bərəkətindən yuxarı qalxıb, qalxıb birdən atılıb minərik bunların boynuna. Bu belə. Bir tərəfdən də bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik, amma bir yanda məscid tikmək fikrində deyilik. Demək ki, qalmışıq iki odun arasında: bir tərəfdən əcnəbilər bizə pis-pis baxıb büxl edirlər, bir tərəfdən də Allah bəndələri bizi təkfir edib, hər namazdan sonra bizə lənət oxuyurlar; çünki biçarələr elə bilirlər ki, təzə açdığımız məktəblərdə şagirdlər o qədər elm-fənn ilə özlərini məşğul edərlər ki, ibadət və Allahı çağırmaq yavaş-yavaş yaddan çıxar. Amma mən elə qanıram ki, bizim dörd-beş məktəbdən qorxan sağ tərəfdəkilər də səhv eləyirlər, sol tərəfdəkilər də müştəbeh olublar və yəqinimdir ki, əgər işin əsl həqiqəti necə ki, lazımdır açılsa, nə murdar qonşularımız bizdən qorxar, nə pak hacılarımız bizdən küsər. Və burada heç dava-mərəkə lazım deyil: məhz elə o lazımdır ki, mətləbi açmaq və işə bir tövr sülh vermək. İşin əsil həqiqəti belədir: Əgər bu təzə məktəblərimizi zərrəbin altına qoyub diqqət ilə baxsaq görərik ki, bunların hər birisi birdən yekəlib məscid oldu; görərik ki, bir mərsiyəxan müəllim libasında durub qabaqda, mərsiyə oxuyur və balaca uşaqlar da zərrəbin vasitəsilə yekəlib oxşayırlar mömin atalarına və belə şirin-şirin gözyaşı tökürlər ki, adamın az qalır bağrı çatlasın. * * * Hər kəs mənim sözümü zarafat hesab eləsə, mən də ona deyərəm bizim təzə məktəblərdən eləsini göstərsin ki, orada mərsiyə oxunmamış və gözyaşı tökülməmiş olsun. Elə deyəsən gözümün qabağındadır ki, günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir: “çəkin kənara taxta-tuxtanı”. Bəli, Frebel üsulilə qayrılan məktəb skamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara, otağın ortasına fərş saldılar, yuxarı başda bir kürsü qoydular və axund gəlib əyləşdi və başladı: “Əzzəməl-lahü ücurəna…”. Hələ deyək belə işlər hər gün olmur. İndi baxıb görək gündəlik dərslər nədən ibarətdirlər. Bəli, mədrəsə flandır, şəhər flan. Bir cədvəldə yazılıb “dürus”, yəni dərslər, o biri cədvəldə yazılıb “şümareyi-dürus dər ərzi-həftə”, yəni bir həftənin ərzində oxunan dərslər: zəbani-türki – 3 dərs, zəbani-Azərbaycani – 3 dərs, zəbani-türki osmani – 3 dərs, zəbani-türki tatari – 3 dərs, zəbani-ərəbi – 3 dərs, zəbani-pəhləvi – 3 dərs; cəmi – 24 dərs. Hələ bu “zəban” dərsləri qalsın kənarda; çünki bu dərslərin ibadətə, ya qeyri ibadətə dəxli yoxdur. İndi gələk elm və fənn dərslərinə: şəriət – 4 dərs, moizə – 4 dərs, mərsiyə – 3 dərs, sinəzən –5 dərs, şəkkiyat və səhviyyat – 6 dərs, namaz və dəstəmaz – 6 dərs; cəmi – 24 dərs. * * * Dəxi mən sözümü qurtardım. Bir tərəfdən bizi gözləri götürməyən qonşularımızdan təvəqqə edirəm ki, çox da ehtiyat eləməsinlər və məktəblərimizin övzaına baxıb görsünlər ki, biz axirətdən savayı heç bir şey axtarmırıq və onlara hər halda mane ola bilmərik və nə qədər yuxarı da atılsaq, öz boynumuzdan yuxarı atıla bilmərik. Behiştliklərimizdən də təvəqqə edirəm ki, məktəblərimizin proqramına baxıb görsünlər ki, bunların hər biri özlüyündə bir balaca məsciddir; və dəxi bundan sonra bir tikə də ürəklərini sıxmasınlar. Yuxarıda yazdığımız beş məktəbin adları belədir: biri İttihadi-iraniyan, biri İttifaqi-Azərbaycan, biri İqbali-Səlyan, biri İstiqbali-Lənkəran, biri Xali-canan, biri də Bali-Əmrhacıyan. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 may 1909, №20 * * * Məəttəl Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım. Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı: – A kişi, belə də sultan olar, belə də xəlifə olar? – Dedim: – Necə? Dostum bir az başını bulayıb dedi: – Ay qardaş, vallah, biz müsəlmanların bəxti yatıb, evimiz yıxılıb. Biz dedik ki, indi, bəli, köhnə sultanı yendirdilər; hərçənd yaxşı sultan idi, amma nə eybi var, yendirdilər. Bir özgəsini qoyarlar onun yerinə, bu da onun kimi bir sultan olar. Amma, sən Allah, buna bax, bu da üzünü qırxdırır. A kişi, sultan da üzünü qırxdırar? Xəlifə də üzünü qırxdırar? Neçə milyon osmanlı əhalisi, neçə min Nuxa və Şamaxı camaatı xəlifəsi də üzünü qırxdılar? Ax, ax, vay, vay!.. Doğrusu, mən cavab verməyə məəttəl qaldım: çünki doğrudan da heç bilmədim ki, nə deyim. Elə, həqiqət, sultan da üzünü qırxdırar? Xəlifə də üzünü qırxdırar?.. Lap məəttəl qalmalı işdir. Dəli “Molla Nəsrəddin”, 17 may 1909, №20 * * * Üç yüz milyon maşallah Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..” * * * Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur. Xeyr, əgər “millətpərəstlərimiz” həqiqətdə millətpərəstlik etmək xəyalında olmuş olsalar, o vədə gərək əllərinə elə bəhanələr salalar ki, İskəndəri-Ruminin böyüklüyünü tərif edə-edə stulları sındırmayalar. Kimdir camaatımızın düşmənləri? Hər kəs desə ki, “əcnəbilərdir”, burada o qədər bir hünər göstərməyib; o səbəbə ki, bu sözü biz uşaqlıqda kürsü başında Fatma xalalarımızdan da eşitmişik. Bəlkə də elə bu sözün əsli var; çünki əcnəbilərin bizə olan məhəbbətindən də mən hələ bir elə nişanələr görməmişəm. Amma mən onu deyirəm ki, köhnə xərmənləri sovurmaqdansa, təzə sözləri ortaya qoymaq lazımdır. Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara və bir az da öz ətrafımıza baxıb görək öz içimizdə nələr var?! * * * Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəy Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər.Bu işləri səhl saymaq olmaz; huşyar olmaq lazımdır. Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eləyə ki, Ordubad cəhaləti Əylis mədəniyyətinin qabağında dayana bilməz. Ətrafımızda müşahidə olunan politika vüquatı bizə bir böyük dərsdir; hələ tarix qalsın kənarda. İvan Həsənin qatığını vurub yerə tökəndə üç yüz milyon müsəlman tərəfindən İvana üç yüz milyon nifrət teleqramı işləyir; amma Ordubadda Seyid Mürtəza və “Ağ seyid”in oğlu poçt yoluna adamlar düzüb, qəzet oxuyanları asdırıb kəsdirəndə biz dinmirik. Bir Ordubad deyil, götürək İrəvan kimi bir böyük müsəlman şəhərini. Allah şahiddir ki, burada nə bir nəfər müsəlman vəkili, nə bir nəfər müsəlman həkimi, nə bir nəfər müsəlman oxumuşu, xülasə Ordubad kimi burada da bircə nəfər “adam” tapıla bilməz. Niyə? Səbəbi budur ki, əlli il bundan irəli burada məktəblər açılandan indiyədək, qazımız məvacibin hörmətinə hər gün məktəbə gedib ruslar ilə əl-ələ verəndə müsəlman məhləsinə gələn kimi əllərini yuya-yuya və murdar əcnəbi müəllimlərini söyə-söyə əcnəbi elmini müsəlmanların nəzərində hər gün və hər saat “haram” cərgəsinə daxil eləyibdir. Və indi yenə İrəvan gimnaziyasının beş-on nəfər müsəlman şagirdləri yavaş-yavaş başlayıblar dərsdən qaçmağa. * * * Kimdir bizim düşmənlərimiz? Əcnəbilər də olsa, onların düşmənçiliyi hələ ki, ehtimal olunan bir şeydir; amma o əcnəbilərin birinin yolu əgər düşə bizim vilayətə və şeyxlərimizin övrətbazlığından baxəbər ola, gedib dünyaya xəbər verəcək ki, müsəlman millətində bircə tikə namus yoxdur. * * * Harada qalıbdır bizim “millət başçıları?”. Kimdir bizim düşmənlərimiz? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 may 1909, №21 * * * Qənaət Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar. Xüsusən, pul. Hamıya məlumdur ki, Vladiqafqazda “Novruz mədrəsəsi” bir il bundan qabaq az qalırdı ki, bağlansın; ondan ötrü ki, pulu az idi. Və ağıllı adamların tədbiri olmasaydı, indi mədrəsə çoxdan bağlanmışdı. Allah rast saldı ki, qənaət hikməti burada yada düşdü və riş-səfidlər elan elədilər ki, hər kəs yarı məvacibinə dərs verməyi qəbul eləsə, onu məktəbə qəbul eləsinlər və köhnə müəllimləri çıxartsınlar. Belə ki, dörd ay bundan irəli Vladiqafqaza təzə varid olan bir cavanı ağsaqqallar çağırıb, təklif elədilər ki, əgər köhnə müəllimlər aldığı məvacibin yarısına dərs vermək istəsə, bir ərizə pişnihad eləsin. Cavan razı olur və köhnə müəllimi çıxardıb, bunu qoyurlar onun yerinə. İndi yenə Vladiqafqaza bir təzə adam yetişən kimi məktəb vəkilləri vağzalda yapışırlar yaxasından və soruşurlar ki, əgər yarı məvacibə müəllimlik eləməyə razı olsa, ərizə versin. Xülasə, qənaət yaxşı bir şeydir. Qeyri yerlərdə də kasıb düşən məktəb vəkillərinə məsləhət görürük ki, müəllimə məvacib verməkdə israf eləməsinlər və hər kəs yarı məvacibə qulluq eləmək istəsə, onu dəvət edib, köhnəni çıxardıb qovsunlar getsin işinə. Bu yaxşı qaydadır. Lağlağı “Molla Nəsrəddin”, 24 may 1909, №21 * * * Qurddan çoban “İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır. Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan. Yox, yox, möhtərəm bir vücuda sataşmağın heç mənası yoxdur və insafdan kənar bir işdir. Bir qəzetəni tənqid edəndə lazımdır qabaqca bir baxıb görmək ki, kimdir bu qəzetənin mühərrirləri? Bir surətdə ki sən “Türküstan vilayəti qəzetəsi”nə misyoner adı qoydun-dəxi qurtardı getdi, çünki sənin sözündən bu çıxır ki, hər bir kəs bu qəzetəyə bir sətir də olmuş olsa yazıbsa, yəqin ki, qəzetənin məsləkinə şərikdir. Səmərqənd müftisinin həmin qəzetədə o qədər məqalələri var ki, yığıb cəm eləsən, “Cameyi-Abbas” kitabından mötəbər bir kitab olar. Yox, yox, mərdümazarlıq bir şey deyil. Lağlağı “Molla Nəsrəddin”, 31 may 1909 * * * Qəzetlərdən “Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”. Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində? Biz lazım bilirik bu barədə “Tərcümana” ərz edək ki, doğrudur, molla Əbdülrəşid nə ingliscə bilir, nə yaponca və nə frəngcə. Və bu da aşkardır ki, üç dilin heç olmasa birini də bilməyən Yaponiya məclislərində hər nə danışsa qulaq verənlərin qulaqları taqqıldayacaq. Lakin molla Əbdülrəşidin əhvalatı özgədir: bu cənab nitqlərini türk dilində söyləyir və yaponiyalılara da mollanın nitqinin məzmununu bilmək lazım deyil, onlara molla Əbdülrəşidin məhz uzun saqqalı və ağ əmmaməsi xoş gəlir. Səbəbi də budur ki, Yaponiya camaatı mömin adamlardır və müsəlmançılığa da çox maildirlər. Və hətta Əbdülrəşidi o mərtəbədə xoşlayıblar ki, “Bəyanül-həq” qəzetinin yazmağına görə, Əbdülrəşidin həmin qəzetdə yazdığı nömrələri yaponiyalılar baha qiymətə gətirdib, ibadətxanalarda saxlayırlar. Hər kəs bizim sözümüzə inanmasa, “Bəyanül-həq” qəzetinin 26 martda çıxan 447-ci nömrəsini tapıb oxusun. * * * Bircə sözümüz qaldı. Molla Əbdülrəşid İbrahimov bunu bilir ki, Yaponiyadan yazdığı məktubları müsəlmanlar oxuyur, nəinki qeyri bir millət. Müsəlmanlara da nə yazsan, keçib gedər; ürəyini sıxma… Lağlağı “Molla Nəsrəddin”, 7 iyun 1909, №23 * * * Üsuli-cədid Bu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur. Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər. Öz yanlarınca ehtiyat üçün yaxşı Salahlı xəliçələri də gətirmişdilər. Çünki “üsuli-cədid” üçün xəliçələr lazımlı bir şeydirlər. Elə o cür də oldu. Nurməhəmməd əfəndi bu kəndliləri bir həftənin içində molla eliyib yola saldı. Amma yazıqlar bir şeydə səhv elədilər ki, yanlarınca gətirdikləri pulları “üsuli-cədid” in üstünə qoydular və yola düşmək istiyəndə gördülər ki, faytonçu pul istiyir. Axırda bazara düşüb bir-iki manat Allah bəndələrindən borc eliyib çıxıb getdilər. Amma kişilər necə ki, lazımdır, “alim” oldular. Sağ olsun “üsulicədid”. Dəli “Molla Nəsrəddin”, 7 iyun 1909, №23 * * * Yol Yadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”. Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”. Əzizim, o vədə sənin haqqın var idi mənim üstümə hirslənməyə; o səbəbə ki, sən o yolu gülüstan bilirdin və bunu da yəqin eləmişdin. Və çünki bunu yəqin eləmişdin, yoldan geri durmaq istəmirdin. O vədə sənin haqqın var idi. Amma indi gəlib çıxdın qamışlığa. Dəxi indi sözün nədir? * * * Nəsihəti-hükəma: heyvan heyvanlığı ilə bir yoldan keçib yıxılanda dəxi bir də o yoldan keçmir. Sən ki, Allaha şükr, insansan! Dəli “Molla Nəsrəddin”, 14 iyun 1909, №24 * * * Elmi-musiqi “İttihad” mədrəsəsində “İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu. Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib. Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub. * * * Biz indi burada nə deyək? Əgər mən biləm ki, hacılar, məşədilər və kərbəlayılar mənim yazdıqlarımdan inciməyəcəklər, – burada mən də bir-iki söz danışardım. Pənah Allaha, başlayaq söhbəti: O ki, müdir həzrətləri buyururlar ki, elmi-musiqi Avropaya islamdan və İrandan keçib, – bu vaqeən belədir və mən yəqin edirəm ki, Ərəbistanda bir vaxt musiqi elmi həqiqətdə var imiş. Amma elə ki, müfəssirlərin, müctəhidlərin və şarihlərin təfsirləri və risalələri gəldi ortalığa, – musiqi elmi qaçıb getdi işinə; necə ki, artistlərin biri Tiflisdə iyunun 9-da tamaşa axşamı məvacibini alan kimi xəlvətcə mindi maşina və çıxdı getdi Bakıya və teatrda əyləşən camaatı məəttəl qoydu, yoldaşlarını da əcnəbilər içində xəcalət elədi. Müdir cənabları buyurur ki, “islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur”. Müdir cənablarının bəxti o yerdə kəsib ki, bakılılar özgə millətlərin musiqi elmindən və hər bir şeyindən bixəbərdilər. Amma elə qanıram ki, italiyalılar bu sözləri eşitsələr, elə bilərlər ki, müdir cənabları zarafat eləyir. * * * Xudavəndi-aləm yuxarıda tamaşa eləyib görür ki, öz yaratdığı millətlərin içində müsəlman milləti kimi heç bir millət yoxdur ki, onun üdəba və fəlasifələr min-min cild kitablar yazıb, musiqi elminə minmin lənət oxusunlar. Bu kitablardan və risalələrdən nə qədər istəyirsən yığıb göndərim Bakıya. * * * Bəli, tarixə əgər əl vursaq, çox şeylər görərik: görərik ki, vaqeən bir vaxt Ərəbistanda kəmənçə musiqisinin şöhrəti aləmə yayılmışdı; amma haman tarixi başlasaq vərəqləməyə, axırda görərik ki, İtaliyada katolik kilsəsində hətta ibadəti də musiqi səsi ilə əmələ gətirirlər; görərik ki, Almaniyada bethovenlər, motsartlar, qaydnlar, Şuman və şubertlər, mendelsonlar və qeyriləri musiqi elmini övci-əlayə yetiriblər; görərik ki, Rusiyada qlinkalar rus mujikləri oxuduqları milli məqamatlarını elə bir məharət ilə gözəlləndiriblər ki, bütün yer üzündə musiqi söhbəti düşəndə rusların Qlinkasına rəhmət oxuyurlar. Haman tarixin axırıncı səhifələrində Ərəbistanda və İranda nə görərik? Bunu görərik ki, cənab studəadab Ağa Məhəmməd və onun bəradəri-ərciməndi Ağa Qulam Hüseyn minbərə çıxıb, üzünü müsəlmanlara tutub buyururlar: “Bəli, bir gün həzrət Süleymana xəbər verdilər ki, div şəklində bir adam tar çalır. Həzrət buyurdu: “Gətirin onu hüzuruma”. Gətirdilər. Həzrət Süleyman soruşdu: “Sən niyə bu günə düşmüsən?” Div cavab verdi: “Biz əvvəl Allahın mömün bəndələrindən idik; elə ki, başladıq tar çalmağa, hamımız birdən div şəklinə düşdük”. Həzrət buyurdu: “Əgər gedib şəhərinizi dalına alıb gətirsən mənim hüzuruma, mən səni azad elərəm”. Div gedib şəhəri aldı dalına, gətirdi və Süleyman peyğəmbər vurub şəhəri dağıtdı”. Məqaləmin başında mən qəsdən üzümü hacılara və məşədilərə tutdum; mən bilirəm ki, onların hər birinin taxçasında “Əbvavül-cinan” kitabı tapıla bilər. Hər kəs istəyir, açsın bu müqəddəs kitabın 93-cü səhifəsini və oxusun. Məgər vaizi-şəhir Molla Fətullah müsəlman ədiblərinin ən şöhrətlisi hesab olunmur? Musiqi elmi barəsində “Əbvabül-cinan” belə yazır: “Hər neyi musiqa dər kriftəne rəg xab qəflət səri əngüşti, çənbəri dəf hədqeyi kəməndi səyyadiyi şeytanəst və tarü qəval rəsəni bidari gərdən iman, naleyi ney bəsuxtəni xirməni səlah səd ca kəmərbəstə və məddi kəmənçə bəəfruxtəni atəşi şəhvəti nəfsani bər səri zanu nişəstə…”. Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömün bəndələrin övqatını xarab etdim. Bu əfsanənin mənası budur ki, musiqi, tar qaval-kəmənçə və bunlara oxşayan çalğıların hamısı şeytan işidir və günahi-kəbirlərin ən böyüyüdür. * * * Müdir cənablarına təklif edirəm iki əmrdən birinə razı olsun: ya yazdıqları sözdən əl çəksin və “Əbvabül-cinan”a iman gətirsin, yainki dediklərini təsdiq eləsə, bizə xəbər versin ki, bu kitabın 93-cü vərəqini cırıb tullayaq. * * * Şam çırağı yanan zaman get hər bir müsəlman məmləkətinə və tamaşa elə: küçələr qaranlıq, evlər sakit! Bircə bayquş səsi gəlir. Çox desən, götürək İstambulu. Qəbrin də bir deşiyindən içəri baxsan, qaranlıqdan savayı bir özgə şey görməzsən; çünki ölüdən səs gəlməz. Fərda zi tö müşkilat həll mitələbənd. Əz tö nə təranəvü ğəzəl mitələbənd. Avazə fikəndeyi ki kar in sanəst İnha həmə sövtəst, əməl mitələbənd. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 iyun 1909, №25 * * * Bir əldə iki qarpızı tutmaq olmaz Ömrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”. Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”. * * * Mərhum və məğrur şahın Azərbaycan və Gilanı əldə saxlamaq bir dəfə də fikrinə gəlməyib. Əgər gəlsə idi, Almaniyada ya Frəngistanda faytonçudan da soruşsaydı ki, “nə eləyim məmləkəti qonşular parçalamasınlar?” – o vədə Allahın faytonçusu da cavab verərdi ki, “məmləkətə qanun qoydur, arvadları əsirlikdən qurtar, qızları oxut və ticarəti qabağa gətirməkdən ötrü yolları təmir etdir ki, heç olmasa, Təbrizdən Tehrana barı qatırnan getmək olsun”. Xeyr, mərhuma bu məsələlər lazım deyildi; onun fikri məhz o yerdə idi ki, bəlkə imam yolunda bir az ağlamaqla axirətdə də özü üçün gözəl qızlardan və oğlanlardan tədarük eləsin. Belə olan surətdə dəxi iki işi bir yerdə görmək olmaz; birisi ki, səhərdən axşamadək mərsiyəxanla oturub durdu, – dəxi onun yadına politika işləri düşə bilməz; çünki bir əldə iki qarpızı tutmaq olmaz. * * * İndi gələk iranlılara. Bunlar kimlərdir? Bunlar müzəffərəddin şahın halal oğlanlarıdır. Bütün İranda beş-on nəfər Frəngistan elmi oxumuş əşxası çıxandan sonra hər nə qədər ki, məxluq gözümüzə sataşır, bunlar hamısı ibadət əhli və ağzıdualı müsəlmanlardır ki, hər biri sübh yerindən qalxan kimi qulağı səsdə olur ki, görsün haradan minacat səsi gəlir. Müsəlman məmləkətində heç elə bir şəhər yoxdur ki, bazara çıxıb çarsuda böyük bir yığıncağa rast gəlməyəsən. Bazarın bu başından o başına keçmək mümkün olmur. Soruşursan ki, “bu nə qiyamətdir?”; cavab verirlər ki, “hacı İsmayıl mərsiyə oxuyur”. * * * Hələ bunu görə-görə və bilə-bilə bəziləri deyirlər ki, İranı almaq asan deyil; buyururlar ki, iranlıları təsxir eləmək mümkün deyil; buyururlar ki, əgər bir belə iş olsa, vətən yolunda fəda olmağa hazır olan İran balaları vətənə əl uzadan hökumətə o qədər dərdi-sər verərlər ki, axırda peşiman elərlər; necə ki, Finlandiya, Polşa, Elzas-Lotaringiya və qeyriləri. Bəli, iranlıları frənglərə, polyaklara və finlərə oxşatdıq, qurtardı qoydu getdi Elzasdan üç nəfər frəng əmələsini gətirib, qeyrətini qoyaram tərəzinin bir qapağına, bütün İranı qalxızar yuxarı; Polşadan üç nəfər övrət gətirərəm ki, bütün İrana cavab versin; Finlandiyanın üç nəfər hammalını Gilana gətirsəm, Rəştdə və Ənzəlidə hərəsi bir professor olar. Müxtəsər, dünyada insanlar hamısı bir-birinə oxşayırlar; onlar da özlərinə görə bir adamdırlar, biz də özümüzə görə bir adamıq. Amma bircə təfavütümüz burasındadır ki, biz ibadət əhliyik… Lakin zəmanəmizin təqazasından belə məlum olur ki, dünyanı axtaran gərək ibadəti də bir az yumşaq eləsin; ibadətə gecə və gündüz məşğul olan gərək dünyaya dəxi aşiq olmasın; yoxsa, bir əldə iki qarpızı saxlamaq olmaz. Kəlküttə “Həblül-mətin”i Türkiyə Azərbaycandan yana axırıncı nömrədə belə məsləhət görür ki, “Sərçeşmə bayəd giriftən bəbil”. Amma deyəsən fürsət fövtə verilib: çeşmə aşıb-daşıb, dünyanı götürüb; bəlkə Nuhun “ittihad” gəmisi ilə bu “seylabeyi-əşki” bir tövr keçmək ola. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyun 1909, №26 * * * Üç qara xəbər Bu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm. Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç. Üçüncü xəbər də budur ki, deyirlər, şeyxülislamımızı istəyirlər çıxartsınlar və yerinə özgə şeyx təyin eləsinlər. Bax, doğrusu, mən bu dərdə tab gətirə bilmərəm. Yəni çe? Bu nədir? Məgər bizim şeyxülislamımız yoxdur? Məgər bundan yaxşısını tapacaqlar? Yox, yox, biz heç vədə buna razı ola bilmərik. Bunlar keçəndən sonra axır arada gərək bir vilayət təəssübü də olsun. Mən bu saat yazdım İrəvana, Naxçıvana, Vənəndə, Danabaş kəndinə, durmasınlar, öz aralarından vəkil seçib göndərsinlər sərdarın hüzuruna, təzə şeyxülislam söhbətlərinin aradan götürülməsini təvəqqə eləsinlər. Yazdım ki, hər şəhərdən, əqəllən, on vəkil, hər kənddən beş vəkil göndərsinlər və bu vəkillərin hamısı darülfünun qurtarmış olsun ki, böyük yanında rusca və frəngcə danışmağa aciz olmasınlar (amma deyəsən uzaq getdik). Allah cəmi dərdə giriftar olanlara təsəlli versin. Pənah bər xuda. Dəli “Molla Nəsrəddin”, 12 iyul 1909, №28 * * * Tövhid “Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi. * * * Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”. Yəni sözün qurtaranı, bir yolluq deyinən “lailahəilləllah”. Məsələn, üsuliddin neçədir? “Üuliddin beşdir: əvvələn tövhid, yəni bir Allahdan başqa, özgə bir Allah yoxdur. Dəlili? Bəli, dəlili lailahəilləllah. Bu dəlili-nəqli. Bəs dəlili-əqli? Dəlili əqli də budur ki, əgər Qafqazda bir nəfər türk dili bələndən savayı yenə bir nəfər türk dili bilən olsaydı, dəxi onda bunların heç biri, nəüzübillah, türk dilinin Allahı ola bilməzdi. * * * Cənab “Sabiq müəllim”in sözündən bu çıxır: Əvvələn mollalarımızın heç biri türk dilini bilmir. Yəni bu bilməyənlərin içinə mərhum molla Əbdüssəlam Axunzadə də daxildir ki, türk dilində neçə cild kitablar yazıb və hətta bu kitabların biri də türk dilinin sərf-nəhvindən, təbiətindən və bir çox lüğəti kəlmələrdən bəhs edir. Cənab “Sabiq müəllim”in fərmayişindən belə başa düşmək lazımdır: qeyri mollaların da heç biri türk dilini bilmir: nə quranı türk dilinə tərcümə edən axund Mir Məmmədkərim və axund molla Məhəmmədhəsən, nə İrəvanda Mirzə Abdulla Qazızadə, nə Axalsixdə Əli əfəndi Əfəndizadə, nə molla Həsən Tahirzadə, nə Talıbzadə və bunlardan savayı neçə-neçə qələm sahibləri mollalarımız. Sonra mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk dilini bilir, nə Haqverdiyev, nə Məmmədəmin Rəsulzadə, nə Nərimanov, nə Əliskəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstambulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə qatır). Bəli, müəllimlərin də heç biri türk dilini bilmir: nə Firudin Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundovlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbiləri. Şairlərdən nə keçənlər, nə də indiki sabirlər, tahirlər, nə Abbas ağa Qayıbovlar. Xülasə, bir Allahdan başqa qeyri bir Allah yoxdur və bunun dəliliəqlisi budur ki, belə fərz edək ki, Allah ikidir, onda biri hökm eləyəndə o biri buna razı olayacaq idi, o vədə bunların arasında həmişə niza əmələ gələcək idi. * * * “Sabiq müəllim” cənabları buyurur ki, “Qafqazda türk dili yoxdur, çünki Qafqazın müxtəlif nöqtələri bir çox zaman fars və ya ərəb tayfası nüfuzunda qaldığı üçün o mahalların dili farslaşıb və ərəbləşib və yaxud ayrı bir libasa geyinibdir”. İndi lazımdır bu kəlam tamam eləyək, yoxsa bu sözləri oxuyan, əlbəttə, səndən soruşacaq: “Çox əcəb, bəs türk dili harada ərəbləşməkdən öz yaxasını qurtamaqla xoşbəxt olub?” Sən deyəcəksən ki, “İstambulda”. O vədə biz bu sözə gülərik, dadaşım”! Həqiqət, yenə biz “Sabiq müəllim”in sözlərini zarafat hesab eləmək istəyirik; çünki inana bilmirik ki, türk dili barəsində filosofluqdan dəm vuran bunu bilməsin ki, əgər dünyada türk dilini ərəbləşdirən bir yer varsa, o da İstambuldur. Axırıncı dəfə and içirəm ki, cənab “Sabiq müəllim” özünü zarafata qoyub. Və əgər desə ki, “yox”, onda mən də ona bir belə təklif edərəm: ya iqrar eləsin ki, “Tərəqqi”nin 153-cü nömrəsinin üçüncü səhifəsinin əvvəlinci sütununda yazdığı sözləri o, qəsd ilə yazıb ki, yay vaxtı aranda istidən boğulanlar oxuyub gülsünlər ki, istinin acısı bir az yaddan çıxsın. Əgər buyursa ki, “xeyr”, o vədə mən də belə deyərəm: hərçənd məqalədə bir neçə yerdə “şol vəqt” ibarəsi gözümüzə sataşdı, amma söz yox ki, “Sabiq müəllim” cənabları özü də İstambulda təhsil eləməyənlər və türk dilini bilməyənlər cərgəsindədir. Belə olan surətdə “Tərəqqi” kimi bir böyük türk ruznaməsində türk dili bilməyən bir zatın türk dilində baş məqalə yazmağı böyük cürətdir. Xırda-mırda mühərrirlər üçün bu ötüşər, amma “filosoflar” üçün mümkün deyil. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 iyul 1909, №29 * * * Halal Axır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik. Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram. * * * Bəli, sən buyurursan ki, bizim halal övrətlərimiz ağıl və kamal sahibidirlər, mütəşəxxisdirlər; yəni əcnəbi övrətləri ağıl və kamal sahibi və mütəşəxxis deyillər. Vəssalam? Yəni söhbəti qurtardınız, ya yenə sözünüz var? Çox əcəb, elə dəxi bir söz qalmadı, dəxi qurtardı getdi? Bizim övrətlər dünyanın cəmi övrətlərindən ağıllı və kamallıdırlar, vəssalam. İndi dəxi bu söhbəti qurtaraq, keçək özgə mətləbə; ya da ki, əgər meyliniz çəkir, duraq gedək bir qədər dərya kənarında seyr edək. * * * Yox, qardaşım, yox ağam, yox sərvərim, taci-sərim, yox nuriçeşmim, yaxanızı qurtara bilməzsiniz. Gərək bizə başa salasınız görək, halal övrətlərimiz harada o ağlı və kamalı qazanıblar ki, əcnəbi övrətlər bu kamal çeşməsini tapa bilməyiblər? Amma mən sənə bircə bu damdandüşmə sözü ərz edə bilərəm ki, evlərdə gözüyaşlı qoyduğumuz halal övrətlərin cəmisi əgər sən bikamal hesab elədiyin əcnəbi övrətlərinin bərabərinə qoyasan, – o vədə gərək bu əcnəbi övrətlərindən təvəqqə edək ki, əvvələn, bir əlifba kitabı alıb, qoysunlar bizim mütəşəxxis xanımların qabağına və bunlara yazı-pozu öyrətsinlər ki, ərləri bir gün evdə olmayanda iki girvənkə ətin və üç girvəngə çörəyin hesabını bilsinlər. Saniyən, biz əgər həqiqətdə millətimizin tərəqqisinin tərəfdarıyıq, gərək bu əcnəbi övrətlərdən təvəqqə edək ki, halal övrətlərimizə uşağa tərbiyə verməyi təlim eləsinlər ki, mütəşəxxis xanımlarımızın uşağı küçəyə çıxanda heç olmasa rus praçkalarının uşaqları kimi tərbiyəli və rəğbətli olsunlar və burunlarını börkləri ilə silməsinlər. Salisən, biz gərək əcnəbi övrətlərdən iltimas edək ki, mütəşəxxis övrətlərimizə bir az səliqə öyrətsinlər ki, xanımlarımızın qoltuqlarının tərinin qoxusu ərlərini iyrəndirməsin, və əgər söhbəti müxtəsər eləsək, gərək əcnəbi övrətlərindən təvəqqə edək ki, heç olmasa, altıyeddi il mütəşəxxis xanımlarımıza dərs versinlər, ağıl və kamal öyrətsinlər. Sən bu işləri səhl sanma, əzizim! Dövlətmənd bir müsəlman uşaqlarına dərs vermək üçün evinə bir müəllimə dəvət edir. Bir gün kişi evə gəlib, övrətinə deyir ki, “ay qız, Fatma, bu gün qəzetdə yazıblar ki, İran mücahidləri Məhəmməd Əlini taxtdan yendiriblər”. Fatma xanım gözlərini bir qədər ovuşdurandan sonra deyir: – Mücahid nədir? Bəli, mücahid flankəslərdir. – Bəs İran nədir? Bəli, İran da bir məmləkətdir. – Bəs Məhəmməd Əli kimdir? Di gəl bu Allah bəndəsini başa sal. Amma kişi o biri otağa çıxıb, görür ki, müəllimə əlində qəzet oxuyur. Bunlar başlayırlar söhbəti, Fatma xanım da qapının dalında bir qədər qulaq asandan sonra başlayır göz yaşı tökməyə. Axırda da işlər öz qaydasınca gedir… Cənab Mirzə Abdulladan təvəqqə edirik ki, bizi bağışlasın, o ağıl və kamal ki, halal övrətlərimizdə olmağını rəvayət edir, – əlbəttə, o özgə bir ağıl və kamaldır. Yaxşı olradı ki, o ağıl və kamalın nədən ibarət olmağını buyururdı. Bəlkə doğrudan, biz bundan bixəbərik. Lağlağı “Molla Nəsrəddin”, 26 iyul 1909, №30 * * * Zülm Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə. Əhvalat belədir: İki ay bundan müqəddəm Nuxa məclisinin üzvü Hacı Fəzlulla əfəndi dari-fənadan dari-bəqaya rehlət buyurdu. Deməli ki, məzkur məclisdə bir üzvlük yeri açıldı, yəni bir adam buraya təyin olunası oldu. Mərhum Hacı Əfəndinin vəfatı Nuxa camaatını artıq dərəcədə kədərlətdisə də, genə Nuxa əhli özlərinə bir qədər təsəlli verdilər, bu mülahizə ilə ki, bəli, idareyi-ruhaniyyə bu yerə bir elə ləyaqətli adam təyin edər ki, nuxalıların qəlbi bir qədər sakit olar və qüssələri yavaşyavaş yaddan çıxar. Balacah müfti tərəfindən qubernatora göstərildi ki, o yer verilsin qazi Əbdürrəhim əfəndinin yeznəsi Nurməhəmməd əfəndiyə Nuxaya bu xəbər çatan kimi bir böyük mərəkə qopdu. Bir tərəfdən Nuxa camaatı Nurməhəmməd əfəndiyə xəbər verdilər ki, “biz səni istəmirik. Ondan ötrü ki, sən Salahlı xəlçələrinin üstündə namaz qılırsan, sən xaçmazlı oğlundan sarı kürən oğurluq atı minib ikinci Cümə məscidinə namaz qılmağa gedirsən, nə bilim Molla Məhəmmədin övrətinə nə qədər zülmlər eləmisən, bəli, filan eləmisən, filan işi tutmusan”. Yazıq Nurməhəmməd əfəndi də and-aman eləyir ki. “mən heç bir yeri istəmirdim, ancaq müfti əfəndi məni yerə zornan təyin eləyib”. Demək, bir tərəfdən camaat Nurməhəmməd əfəndinin üzv təyin olunmağına narazıdır, bir tərəfdən də Nurməhəmməd əfəndi özü də bu işə razı deyil. İndi bəs bu yazıq Nurməhəmməd əfəndi nə eləsin? Axırda götürüb idareyi-ruhaniyyəyə teleqraf göndəriblər və idarədən də cavab gəlib ki, “Nurməhəmməd əfəndidən savayı özgə bir kəsin üzv təyin olunmağına razı deyilik, o səbəbə ki, qərara görə gərək məclis üzvləri bir-biri ilə qohum olsunlar”. Doğrudan, mənim yazığım hamıdan artıq Nurməhəmməd əfəndiyə gəlir: bir tərəfdən müfti əfəndi onu zor ilə üzv təyin edir, bir tərəfdən də camaat yapışıb yaxasından ki, “gərək çıxasan”. Yəni nə idareyi-ruhaniyyə özgə bir kəsin təyin olunmağına razıdır, nə Nurməhəmməd əfəndi burada qalmağa razıdır, nə də camaat razıdır, xülasə, heç kəs razı deyil. Çox əcəb, bəs Nurməhəmməd əfəndinin günahı nədir? Sözün doğrusu, kişiyə zülm oldu. Dəli “Molla Nəsrəddin”, 26 iyul 1909, №30 * * * Mətbəə Mən necə vəsf edim şəhənşahı Məhü, xurşidrüxi-fələkcahi Ey İskəndərsüpahi-Nuşirəvan, Soltan Əhməd şəhənşahi-İran! Millətin baği-ömrüsən, şaha, Canımız pak olan vücuda fəda. Bakıda İran hamballarından Mirzə Gülzar Sərabinin nəticeyi-təbi olan bu fərdlərini Bakıda çıxan qəzetlərin birində oxuyanda bizim yadımıza keçən günlər düşdü. Amma qəzetin tarixinə baxıb gördük ki, xeyr, genə köhnə hamam, köhnə tas. Bu şeirlər qəzetdə çap olunan günü Tehranda Şeyx Fəzlullahı və Seyid Haşımı Məhəmmədəli Mirzənin gözünün qabağında dar ağacına çəkiblər, Zilli Sultanı Tehrandan qovublar. Şeirlər çap olunan günü Türkiyədə məşrutə bayramı saxlayıblar və bu vüquatın vücudu ilə genə Mirzə Gülzar Sərabi Əhməd Mirzənin pak vücuduna canını fəda edir. Amma bunu bilmir ki, hələ Əhməd Mirzə gərək neçə illər ilə Avropa hamamlarında qüsl eləsin ki, pak olsun. Ondan ötrü ki, Əhməd Mirzə ömrünün əvvəlindən indiyədək Məhəmmədəli Mirzə ilə bir qabda bozbaş yeyib. Ey biçarə İran hambalı! Sən Əhməd Mirzəyə deyirsən: “Ey olan asimanə şəmsü qəmər” Amma xəbərin yoxdur ki, bu saat şəmsü qəmər Əhməd Mirzə evlərində balaca qardaşı ilə qırmızı papaq üstündə yumruqlaşır. Xəbərin yoxdur ki… Xülasə, keçək mətləbə. Cənab Sərabi! Sənin ki, maşallah, təbii-şeirin var, sənin ki, Allaha şükür bu şeirləri çap eləməyə qəzetin var – nə olardı ki, mənim də bir neçə sözümü qafiyələndirib haman qəzetdə yazaydın. Qulaq ver, şikayətimi ərz edim: Axır vaxtlarda Bakıda hansı bir iranlıya desən ki, “hanı pasportun?” – cibindən bir kvitansiya çıxardacaq: bu kvitansiya Orucovların mətbəəsində rus dilində bu məzmunda basılıb: “Mən Bakı konsulu filan, bu kvitansiyanı verdim Səlmas əhli Muxtar Arutyun oğluna ondan ötrü ki, yazmışam İrandan ona pasport gəlsin”, imza: konsul filan, nömrə, 1575, fi tarix 24 mart 1909. Bu nədir, cənab Sərabi? Nədir bunun mənası? Bunu gərək sən məndən yaxşı biləsən. Səbəbi budur ki, sən Bakıdasan və özün də iranlısan. Bunun mənası budur ki, birisi yol ilə gedəndə görə bir səhrada hədsiz meyit var və fürsəti qənimət görüb əlini sala hər meyidin cibindən altı manat, yeddi manat və doqquz manat çıxarda və bu pulları çıxardandan sonra hər meyidin cibinə bir belə kvitansiya qoya ki, yuxarıda yazılıbdır. * * * İldə Qafqaz həbsxanalarında minlərcə iranlı yatır. Niyə? Ona görə ki, pasportu yoxdur, amma pasport əvəzinə kvitansiyası var. Yazıq İran rəiyyəti bu kvitansiyaya hər nə qədər ki konsul istəyib, o qədər də verib, amma rus hökuməti kvitansiyanı kefi istəyəndə qəbul eləyir, istəməyəndə qəbul eləmir. Qəbul eləməyəndə rəiyyəti tutub göndərir dustaqxanaya. Mənə həmişə çoxlu pul lazım olanda öz-özümə deyirəm ki, adamın bir maşını ola, bir tərəfdən bura, o biri tərəfdən pul əskinasları çıxıb tökülə yerə, adam yığa, Qafqaz yaylaqlarında daçalar qayıtdıra. Amma heç fikrimə gəlmirdi ki, bir belə maşını qayırmaq heç lazım deyil: get Bakıda mətbəələrin birində on min kvitansiya zakaz ver, bir ilin içində İran hamballarına döyə-döyə üç min kvitansiya sat, birinə nə qədər kefindir al. Dəxi bundan yaxşı qazanc? Bu ixtiyar heç padşahlarda da yoxdur. * * * Bəs, belədir işlər, cənab şair Sərabi! Nə olardı ki, təbin mozun olan vaxt iranlı qardaşlarının konsulxana quldurları tərəfindən qarət olmağını görəndə haman gözəl və pürməna şeirlərindən bir neçə fərd yazaydın ki, qardaşlarının ah-naləsi bir yana gedib çataydı. Otur yerində, əzizim, get hamballığına, Bakı “Şahnamə”ləri sənsiz də ötüşərlər: böyükləri mədh etməyə səhifələrimiz açıqdır. Lağlağı “Molla Nəsrəddin” 2 avqust 1909, №31 * * * Papaslar Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim. Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir. Məsələn, mən istəyirəm yazam ki, “keçmiş əsrlərdə osmanlı padşahları millət ilə çox görüşərdilər və bu cəhətdən hər işdə bu qədər milyon osmanlı millətinin başında padşah görünürdülər”. Amma qorxuram belə yazam, qorxuram məni ərəb və fars dili bilməyən hesab edələr, qorxuram elə xəyal eləyərlər ki, mən fars və ərəb dilini bilmirəm. Odur ki, yazanda belə yazmıram, özgə cür yazıram, yəni “ədəbi” dil ilə yazıram; məsələn bedə yazıram: “Osmanlı padşahları əsarisalifədə millətlə təması sevdikləri cəhətlə ünvani-xanədani-səltənətə müzaf olan “Osmanlı” nami-cəlili onaltı, onyeddi irq və nəslə mənsub bu qədər milyon osmanlının ünvani-milləti və nöqteyi-ittihadıdır”. Bax, belə yazsam, əlbəttə dəxi hamı biləcək ki, mənim fars və ərəb dilindən də xəbərim var. Odur ki, belə yazıram. Yəqin ki, qeyri yazıçılarımız da mənim kimidilər və hər kəs desə ki, “xeyr”, – lap qırmızıca yalan deyir. Və bir də doğrudan “eyib”dir, sadə yazmaq “eyib”dir. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəşəxxis adamlar sadə yazmağı eyib tutublar. Katolik papaları deyərmişlər ki, “dil sadə və açıq olsa – fəsih olmaz”; rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədərdilər ki, xoruz səsi eşitməmiş olsunlar. Rusun qədim şairi Derjavinin şeirlərini indi adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən yerə düşüblər. Amma aylar və günlər dolandı, – axırda nə bilim puşkinlər, jukovskilər dili lap xarab elədilər; elə sözlər yazdılar ki, kəndlilər də başa düşürdülər. Bəli, keçək öz işlərimizə. Mən yenə deyirəm ki, yazımızın yüzdə doxsan doqquzu ərəb və fars ibarəsi olmasa, – türk dili xarab olub gedəcək, türk dili ləzzətdən düşəcək və bunlar keçəndən sonra, hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə, – heç kəs ona alim deməyəcək. * * * İndi mən burada bir söz demək istəyirəm; amma təvəqqə edirəm məqaləmi oxuyub qurtarmamış heç kəs “bay!” deməsin və təəccüb eləməsin. Mən deyirəm ki, indi bu saat Osmanlının xristiyan millətləri qəzetlərinin bərəkətindən bilirlər ki, ətrafında nə işlər əmələ gəlir və nə vüquat üz verir; bu millətlərin ümumiyə əfkarı bir-birinə məlumdur. Amma on beş milyon türk millətinin üç-dörd min aliyyə məktəblərdə oxumuşlarını çıxandan sonra, qalanları dünyadan bixəbərdirlər. Ondan ötrü ki, İstambulda çıxan qəzetlərin dilini başa düşə bilmirlər və bu cəhətdən, məsələn, Anadolu türklərinin mində bir nəfəri bilmir ki, İstambulda nə var. Hər kəs bu sözlərə şəkk gətirsə, əvvələn “Siratül-müstəqim” məcmuəsini tapsın və bu mətləbləri öyrənsin. Ələ gətirə bilməsə, möhtərəm “Tərcüman” qəzetinin 30-cu nömrəsində kazanlı Əyaz cənabları Türkiyə mühərrirlərindən Süleyman Nəzif bəyə verdiyi cavabı oxusun. Və bunu oxuyub əhvalatdan xəbərdar olandan sonra, bunu bilsin və eşitsin və yenə eşitsin və yenə bilsin ki, sadə və açıq yazmaq eyibdir. Avamın və kəndlinin canı cəhənnəmə! Mənə çox lazımdır ki, o mənim yazdığımı başa düşəcək, ya düşməyəcək! Mənə ancaq bu lazımdır ki, mənim yazılarımı oxuyanda desinlər: “Pəh-pəh, gör ərəb dilini nə yaxşı bilir!”. Mənə ancaq bu lazımdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 avqust 1909, №32 * * * Məhəbbət İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir. Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar. Bəli, məlumdur ki, mərhum Molla Əbdüssalamdan sonra onun yerini Axund Molla Abbasqulu dolandırırdı və çox yaxşı dolandırırdı, amma axırda məlum deyil nə səbəbə Molla Abbasqulu cənablarını şeyxülislamlıqdan kənar elədilər. Bu xəbər İstambula çatan kimi Ərfəüddövlə həzrətləri haman saat qələmi götürüb Qafqaz canişininə bir gözəl mənzumə yazıb təvəqqə elədi ki, Axund Molla Abbasqulunu öz yerində möhkəm saxlasınlar, çünki xudanəkərdə əgər onu bu mənsəbdən kənar eləsələr, dəxi Qafqaz müsəlmanlarının üzünə hər tərəfdən nicat yolu bilmərrə bağlanar. Nəzm Fəda olsun sənə canım, canişin! Xarab etmə Axund Abbasqulunu, Əgər versən özgəyə onun işin, Sındırarsan müsəlmanın belini. Bu kağız bir neçə gündən sonra gəlib çıxdı Tiflisə və canişin idarəsində oxuyub ”pəh, pəh” dedilər, bir üzünü göndərdilər İstambula “Şəms” ruznaməsində çap olunsun, bir üzünü də yadigar üçün saxladılar dəftərxanada və haman gün Gəncəyə Pişnamazzadə cənablarına xəbər verdilər ki, dəxi bir də Tiflisə zəhmət çəkib gəlməsin, çünki prins Ərfəüddövlə razı deyil. Bunları bundan ötrü ərz edirəm ki, insan bir vilayətdə bir qədər qalandan sonra oraya o qədər üns tutur ki, özü üçün ikinci vətən hesab eləyir. Demək, prins Ərfəüddövlənin neçə il Qafqazda xidmət etməyi bizlər üçün bir elə nemətdir ki, əvəzi ola bilməz. O səbəbə ki, həmişə bir dərdimiz olanda, prins kimi uca vətəndaşımız bizi öz mərhəmətindən uzaq və sərgərdan qoymayacaq. Dəli “Molla Nəsrəddin”, 9 avqust 1909, №32 * * * Əyyami-mah Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur. Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan? Keçək mətləbə. A y ı n ə v v ə l i n d ə heç bir işə məşğul olmaq olmaz; ondan ötrü ki, bu gün həzrət Xızrın və Zəkəriyyanın duası qəbul olunub və həzrət İdris behiştə daxil olub. Əz həzrət mənqul əst ki, bu gün hər bir kəsə vacibdir ki, yüz on iki rükət namaz qılsın və iki yüz dəfə “inna ənzəlna” oxusun. A y ı n i k i s i n d ə həzrət Həvva xəlq olunub və Aşqabadda Molla Xoruzullah mərsiyəxanı müstəbid olmağına görə məsciddən qovublar və indi “Yason” qəhvəxanasında mərsiyə oxuyur. Bu gün heç bir iş görmək cayiz deyil, savayı ondan ki, hər bir müsəlman gərək bu gün yüz on yeddi rükət namaz qılsın. A y ı n ü ç ü n d ə Həvva Ciddəyə nüzul olub və görüb ki, orada Mirzə Ələkbərxan Müfxəmüssəltənə iranlıların tuman-köynəklərini çıxardır və Minada hacıların malını oğurladıb satır və bu bicliklər ilə cəm elədiyi qırx beş min lirə pulu Osmanlı bangına qoyub ki, Məhəmmədəli şaha köməyə gedəndə məşrutəciləri qırmağa məsrəf eləsin. Bugün nəhsdir və heç bir iş görmək olmaz. A y ı n d ö r d ü n d ə Cəbrayıl Nəmrudin minarəsini xarab eləyib və bunun sədəməsində məşriqdən məğribə kimi xəlayiq yuxudan oyanıb və bu gün Şah Əhməd Mirzə başlayıb ağlamağa; müəllimi Smirnov soruşub: “nə istəyirsən, kişmişmi istəyirsən?”. Şah deyib: “Yox, türk qəzeti istəyirəm”. Bu günün dörd yüz rükət namazı var. A y ı n b e ş i n d ə həzrət Musa Qülzüm dəryasından keçib və bu gün Qabil məlun anadan olub və “ruzinəhs əst və müvafiqi nücum hiç kar ixtiyar mümkün nist”. Bugün evdən eşiyə çıxmaq olmaz və padşah yanına getmək olmaz; və bu gün Kars nayibi Mirzə Həmid və onun fərraşı Əbdürrəhman Gur Kars mahalına çıxıb İran fəqir-füqərasından zornan köhnə fitrə pullarını alıblar. Bugün lazımdır yüz on iki rükət nafilə namazı qılmaq hər dəfə fatihədən sonra otuz altı dəfə “qul ya eyyuhəl kafirun” surəsini oxumaq və “bəd əz həmd-surə həzar dəfə qül hüvəllahü əhəd bəxanəd”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 avqust 1909, №33 * * * Küpə Bizim şeyxin qırx səkkiz arvadı var Molla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var. Heç təfavütü yoxdur: Frəngistanda lotuların kefi qalxanda bir gün gedirlər bir fahişəxanaya, o biri dəfə gedirlər o biri fahişəxanaya. Bizim şeyxin də kefi qalxanda bir gün atı minib gedir “Qoşa dizə” kəndinə, o biri gün atı minib gedir “Qahab” kəndinə. Bircə təfavüt buradadır ki, Frəngistanda fahişəxanaya gedənlərə bir yolluq “lotu” deyirlər; amma bizim içimizdə bu cür adamlara “şeyx” deyirlər. Frəngistanda lotular məclislərə gələndə utana-utana aşağı başda otururlar, amma bizim içimizdə o cür lotular yuxarı başda otururlar. Frəngistanda o qisim lotuları övrət-uşaq içinə qoymazlar, amma bizim övrət-uşaqlar bu cür lotulardan “Cameyi-Abbas” məsələləri öyrənirlər. * * * Xülasə. Bu söz ki, indi mən burada danışıram – çox böyük sözdür; ondan ötrü ki, şeyx cənabları şəhərimizdə nüfuzlu və hörmətli əşxasın birincisidir. Hər bir sahibi-bəsirət, hər bir qeyrət və namus əhli, hər bir vicdan sahibi gərək bu sözü oxuyandan sonra öz-özlüyündə bir qədər fikir eləyə və görə bu nə sözdür ki, burada danışırıq. Əgər bu danışdığımız sözlərin içində bir xırda iftira və yalan olsa, hər bir insaf əhlinin borcudur məcmuəmizin vərəqlərini cırıb atsın arxın içinə. Amma bir şey də var. Bəlkə baxıb gördü ki, danışdıqlarımızda xilaf yoxdur, – o vədə də hər bir kəs öz təklifini özü bilər. Keçək söhbətə. * * * Bizim şeyxin qırx səkkiz arvadı var. Şeyxin damağı qalxanda atı minib gedir “Badaşxan” kəndinə. Yol ilə keçəndə görür ki, “Yarımca” deyilən kənddə camaat yığışıb bir meydana və Kalantar adlı bir alim maşınları və alətləri bir stol üstünə yığıb, kəndlilərə maşın vasitəsilə yağ qayırmaq üsulunu təlim edir. Keşiş də durub qabaqda və kəndlilərə Kalantarın sözlərini təkrarən bəyan eləyir. Bəli, şeyx cənabları yetişir “Badaşxan” kəndinə və düşür bir dövlətli hacının evində. Camaat xəbərdar olub yığışır. Şeyx yeyib-içəndən sonra başlayır vəzini: “Sudməndtərin daruyi ki, çirbi xarxari şahidani gülüzarra füru minişanəd, əmri təzvic nikahi mütəəst; tədbirist mətin dər mühafizəti şəhristani iyman əz taraci türkani qəmzəhayi canstan, hisnist həsin dər təqlili xuni fasid”. Bu əsnada şeyx cənabları birdən üzünü naxoş kimi turşudub əlini qoyur belinə və “boy, boy!”, – deyib üzüqoylu düşür. Camaat diksinib qorxa-qorxa gəlib əhvalpürsan olur. Şeyx yenə bir qədər “vay, vay!” eləyib nazü qəmzə ilə cavab verir ki, “qulunc” olmuşam. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. İndi bunun çarəsi? Çarəsi budur ki, şeyx cənablarının dalına gərək küpə qoymaq və sonra canını ovmaq. Bəs bunu kim eləsin? Əlbəttə, məhrəm adam lazımdır. Bu da ki, övrət işidir. Çox əcəb. Adam göndərirlər Kərbəlayı Qəhrəmanın qızı Sonanı gətirirlər. Siğəni şeyx özü haman saat cari edir, – vəssalam. Dəxi nə baş ağrısı verək, – iş qurtardı getdi və camaat da şeyxə dua eləyə-eləyə dağılıb gedir evinə. * * * İndiyədək bizim, – eyib olmasın – qəzetlərimiz Naxçıvan drazguşlarına belə rəvayət eləyiblər ki, Avropa millətlərinin kişiləri və övrətləri bihəya və ismətsizdirlər; amma indi bir mənə də qulaq ver, gör nə deyirəm. Mən deyirəm ki, bizim şeyxin evdə övrəti ola-ola hər kəndə gedəndə ikisini də orada alır. Əgər Avropada bu əməl, keşiş demirəm, bir dəmirçidən baş versə, hökumət onu tutub qatar mərizxanaya ki, müalicə olunsun; çünki Avropada belə adama naxoş deyirlər. Amma bizim aramızda bunlar behişt kandidatlarıdır. Bizim şeyxin qırx səkkiz arvadı var!.. Mən desəm ki, əgər işlər bir neçə il də belə getsə qonşularımız vilayətimizi sahiblənəcəklər, sən deyəcəksən ki, yox, inşallah, sahiblənə bilməzlər. Ey əzizim, mənim dəlilim var, bəs sən nə deyirsən? Bir surətdə ki, dəlilin yoxdur – deginən ki, bəli, doğru deyirsən, ey əmi! Və əgər istəyirsən, belə də deyə bilərsən: Ey əmi, kəşf elədin sirri-qəmi-dildari, Dəmbədəm əşki-bəsər çöhrəyə oldu cari, Bundan əfzun eləmə şərhi-qəmi-qəmxari, Binəvada dəxi yox tabü təvan, ağlamasın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 avqust 1909, №34 * * * Ahənrüba Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir. Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq: Məsələn, Qafqaz vilayəti. Hamıya məlumdur ki, ahənrüba dəmiri öz tərəfinə çəkən kimi, Qafqaz da İran məmurlarını buraya cəlb edir; yəni öz tərəfinə çəkir. Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ərbabi-fünuna məlumdur ki, ahənrübanın mərkəzi qütbi-şimaliyə yavıq bir nöqtədir. Qafqaz da İran məmləkətinə nisbət qütbi-şimali səmtindədir. Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ahənrüba dəmiri çəkəndən sonra, dəxi ötürmək bilmir. Qafqaz da İran məmurunu öz tərəfinə cəlb eləyəndən sonra, yenə ötürmək istəmir. Amma ahənrüba ilə Qafqazın xasiyyətlərində bir fərq var: ahənrübada cəlb etmək xasiyyəti bir hikmətdir; lakin Qafqazın cəlb etmək xasiyyəti məhz bir diplomatiya məsələsidir. Ahənrübanın hikmətini üləmalar kəşf etməkdə acizdirlər; amma Qafqaz ahənrübasının hikmətini həll etmək olar. Bu məsələ ilə məşğul olmağa həvəsi olanlar öz mülahizələrini yazıb idarəmizə göndərsələr, çap edərik və axırda öz fikrimizi də yazarıq. Demək müxtəsər bunu lazımdır açmaq ki, aya nə səbəbə Qafqaz vilayəti İran məmurlarını ahənrüba kimi öz tərəfinə çəkir və çəkəndən sonra, dəxi ötürmək bilmir? Belə ki, hər kəs ki, İrandan buraya düşür, qır kimi yapışır, dəxi əl çəkmək istəmir; məsələn, Danabaş nayibi Avstriya paytaxtında vitse-konsul olmaq istəməyib Danabaş kəndində qalmağı behtər bilir. “Qurbağalı” şəhərinin vitse-konsulu öz məqamını Peterburq konsulluğundan artıq hesab eləyir; “Dəvəli” şəhərinin konsulu Berlində səfirlik mənsəbini qəbul etmək istəmir. Nədir bunun səbəbi? İtaliya səfiri Tehrana ərizə göndərib təvəqqə edir ki, onu Qafqazda “Donquz yeyən” şəhərinə konsul təyin eləsinlər. Peterburq səfiri neçə ildir çalışır ki, onu Qafqaza general-konsul göndərsinlər. Nədir bunun səbəbi? Bəli, dəxi ağalara dərdi-sər verməyək; ancaq elə ərzim buradadır ki, nədir bu işlərin səbəbi? Aman günüdür, mənə bir cavab! Vallah mabədi var. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 avqust 1909, №35 * * * Evi yıxıldı Naxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı. Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi. Amma indi aparanın evi yıxıldı. Belə ki, Naxçıvan dindarlarından birisi götürüb Təbrizə öz yeznəsi müəllim Yusif Qazizadəyə yazıb ki, “bu kağız sənə çatan kimi get Təbrizdə Xiyaban məhəlləsində falçı Əhədin övrəti Zəhraya degilən ki, Naxçıvanda fövt olan dörd min manatı aparanın adını tezlik ilə tapsın və əgər tapsa, ona iki yüz manat vədə elə”. İndi ərzim buradadır ki, pulu aparanın evi yıxıldı. Ax, bais, evin dağılsın! Dəli “Molla Nəsrəddin”, 30 avqust 1909, №35 * * * Xeyirxahlıq İrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm. Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım. * * * Qazı ağa, hələ doğrudan nə səbəbə bu iyirmi beş ilin müddətində seminariyaya gündə bir dəfə ayaq döyüb, nə zəhmətlər ilə bu uzunluqda yolu gedib gəlirsiniz? Və nə qəsd ilə gündə seminariyaya təşrif aparırsınız? Vaqeən, mənim sizə ürəyim yanır. Axır bir mülahizə eləyin görün, sizin evinizdən seminariyaya nə qədər yoldur və onu da bilirəm ki, murdar faytona kə konkaya minmirsiniz ki, paltarınız mütənəccis olar. Bəs bu nə zəhmətdir ki, çəkirsiniz? Əgər məvacibdən ötrüdür, – mən buna inana bilmərəm ki, iki parə kəndiniz və iki ali imarətiniz və nə qədər nəqd pulunuz ola-ola otuzqırx manat məvacibdən ötrü bu əziyyətlərə tablaşasınız. Xeyr, bu dilənçilik sifətini mən sizdə ehtimal eləmirəm. Əgər buyursanız ki, seminariyada müsəlman şagirdlərinə şəriət dərsi verib, onları müsəlmançılıqda saxlamaq qəsdi ilə bu riyazəti qəbul eləyirsiniz, – bu da ağla gəlməyən işdir; çünki sizə yaxşı məlumdur ki, şagirdlər sizin şəriət dərsinizi oxuyub qurtarandan sonra, ömürələrində nə bir rükət namaz qılırlar, nə bir gün oruc tuturlar, nə bir-birləri ilə bir kəlmə müsəlmanca danışırlar və zahirən müsəlmana o qədər oxşayırlar, necə ki mən Yaponiya imperatoruna oxşayıram. Qazı ağa, mənim xatirim üçün bir məni başa salın görüm gündə bir dəfə nə qəsd ilə o kafirlərin içində ayaq döyürsünüz və gedib seminariyada nə qayırırsınız? Və hərçənd elə ittifaq düşür ki, aylarnan dərsə getmirsiniz, amma söz oradadır ki, mən bilmirəm gedəndə orada uşaqlara nə dərsi verirsiniz və kimə lazımdır sizin dərsiniz və nədən dərs verirsiniz? Və niyə şagirdlərə yazığınız gəlmir? Məgər bu qədər elm öyrətmək olar, məgər bilmirsiniz ki, insanı elm aparar? * * * Hələ bir bunu mənə deyin görüm, nə niyyət ilə gündə seminariyaya ayaq döyürsünüz? Amma bunu mən sizdən çox təvəqqə edirəm, elə güman eləməyəsiniz ki, seminariyada müəllim olmağınızı mən xoşlamıram. Mən elə pis adamlardan deyiləm ki, arzu edəm siz oradan çıxasınız ki, bir kasıb cavan, qeyrətli və himmətli Allah bəndəsini sizin yerinizə təyin edələr ki, həmi özü elminin bərəkətindən bir ruzi sahibi olsun, həmi şagirdlərə az-çox bir şey öyrətsin. Xeyr, xeyr, mən paxıl deyiləm. Mənim axtardığım budur ki, gündə bir dəfə kafirlər içinə gedib onlar ilə həmcəlis olmaqdan xilas olasınız. Siz ki, Allaha şükür, alimsiniz, məgər eşitməmisinizmi ki, “qaləlhəvvariyun li-İsa: ya Ruhəllah mən nücalisü? Qalə: mən yüzəkkirükümüllah rəviyyətühü və yürəqqibüküm filaxirəti əməlühü”, yəni hüvvariyyun bir gün həzrəti-İsadan soruşdular: ya Ruhulla, kimlər ilə həmnişin olaq? Həzrət buyurdu ki, “bakəsi ki didənü mülahizeyi-övzaü ətvari-u xudara beyadi-şoma əndazəd və əməli-u şomara bəaxirət tərğib nemayəd”; yəni o kəslər ilə oturub durun ki, sizi axirətə tərğib edələr. Hələ istəyirsən qafiyə ilə söyləyim: Ey bəradər migiriz əz yari-bəd, Yari-bəd bədtər bəvəd əz mari-bəd. Mari-bəd tənha tora bərcan zənəd, Yari-bəd bərcanü bəriman zənəd. Siz ki, Allaha şükür, alimsiniz məgər bunu hələ indiyə kimi eşitməmişsiniz? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 sentyabr 1909, №36 * * * Tərəkəmə Bir yandan o biri yana keçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış fəsli qışlaqda güzəran etmək əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər. Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə azmaz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı” deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrin mədəni Qarabağdır. Hər bir yerdə, hansı bir dağın təpəsində bir alaçıq görsən və dağın ətəyində bir sürü qoyun-keçi görsən, bil ki, qarabağlıdır. Qafqazda hansı bir yolla gecə vaxtı keçəndə, yolun kənarında bir çoxlu çadır görəcəksən. Faytonçu faytonu saxlayır ki, atlar dinclərini alsınlar. Birdən çadırın içindən bir belə oxumaq səsi gəlir: Nənəm a narış qoyun, Boynu bir qarış qoyun. Çoban səndən küsübdür, Südü ver, barış qoyun. Bəli, bunların hamısı Qarabağ tərəkəmələridir. * * * Üləmalar təbiətdə çox hikmətlər tapıblar. Frəngistanın məşhur həkimləri sübuta yetiriblər ki, bir şəxsin sifətləri və xasiyyətləri onun evladına yetişəcək, evladına yetişməsə, nəvələrinə, nəvələrinə yetişməsə, nəticə və kötücələrinə yetişəcək. Təbiətin həmin qanununun nəticəsidir ki, indi Qafqazda heç bir yerin adamları qarabağlılar kimi köçəriliyə mail deyillər. Qarabağlı öz vilayətində otura bilməz: dünya və aləm qarabağlı ilə doludur. Çünki qanlarında köçərilik xasiyyəti var. Naxçıvanda iki mötəbər tacir olsa, biri qarabağlıdır. Qubada iki mollanın biri qarabağlıdır. Dünyada nə qədər tar çalan və oxuyan var – qarabağlıdır. Heç bir iş, heç bir sənət yoxdur ki, ora qarabağlı özünü soxmamış olsun. Bu kimdir? – Müəllim. Haralıdır? – Qarabağlı. Bu kimdir? – Şeyxül-islam. Haralıdır? – Qarabağlı. Nə bilim, bu şahzadə – qarabağlı, bu xanzadə – qarabağlı. Tiflisdə qarabağlı dəstəsi, Aşqabadda qarabağlı məscidi. Xülasə, qarabağlı, qarabağlı. * * * İndi gələk Badikubə şəhrinə. Cəmi müəllimlər – qarabağlı, cəmi injenerlər – qarabağlı. Hələ bu ötüşər: tamam qəzetçilər – qarabağlı. Doğrusu, insanda bir həya da yaxşı zaddır. Ruslar içində bir məsəl var deyərlər ki: “Çağırılmamış qonaq molla hacı Babadan pisdir”. Bari-pərvərdigara, bu sırtıq qarabağlılar bu yazıq bakılılardan nə istəyir? Harada görsənib ki, bir şəhərdənbir adam çıxıb gedə bir özgə şəhərdə qəzet çıxarda? Nə Avropada belə adət var, nə Rusiyada. Heç bir millət heç bir işdə bizə oxşamır. Hər işimiz tərsinədir. Qarabağlısan, yazıçılıq eləmək istəyirsən, cəhənnəm ol get otur öz Qarabağında, nə qədər istəyirsən yaz. Dəxi sənin Bakıda nə işin var? Məgər bizim öz Bakımızda öz yazıçımız yoxdur? Axır, insanda bir həya da yaxşı zaddır. Biz vallah, billah, sizə çox hörmət qoyuruq, “xətir” saxlayırıq. Yoxsa indiyə kimi hamınızı qırıb qurtarmışdıq. Bu harada görsənib ki, insan qarabağlı ola-ola gedə otura bir özgə şəhərdə qəzet çıxarda? Əgər bir moskvalı istəyə gedib Peterburqda alış-veriş eləyə, – peterburqlular onu baykot eləyib, içlərinə qoymazlar. Hər bir nataraş iş var, hamısı biz müsəlmanlardan baş verir. İşlərimiz hamısı köndələn düşübdür; üzümüzdə bircə tikə su qalmayıb. Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya. Qonşularımız bizə lənət oxuyur, ondan ötrü ki, Bakının ala qoyun gözləri baxa-baxa qarabağlılar gəlib burada ad çıxardırlar. Havada uçan quşlar bizim üstümüzə gülürlər, o səbəbə ki, əcnəbilərin gözünün qabağında Bakıda Qarabağlı-Bakılı davası düşür. Bu da bizim ittifaq və ittihadımız (“İttifaq” və “İttihad məktəblərini demirəm ha!). Bu da bizim ittihadımız, bu da bizim qeyrət və hümmətimiz. Doğrudan da, insanda bir həya yaxşı zaddır. Bu sözləri yazmaqdan qəsdimiz müsəlman qardaşlara bir belə vəsiyyət etməkdir: Amandır, qardaşlar, huşyar olun. Əvvələn, içinizə özgə şəhərdən gəlmə bir yad adamı qoymayın, qoymayın. Və saniyən, bu qarabağlılardan özünüzü gözləyin, amandır, gözləyin, gözləyin, gözləyin. Və hər yerdə bir qarabağlı gördünüz – səy edin, çalışın, ərizə verməlidir – verin, şpionluq eləməlidir – eləyin, şəklini çəkməlidir – çəkin. Xülasə, hər bir vasitə ilə olsa, çalışın öz içinizdən rədd eləyin. Amandır, qardaşlar, qeyrət, qeyrət (əgər varsa). Amandır, qardaşlar, hümmət, hümmət (xudanəkərdə). Ax bu qarabağlılar. Lağlağı “Molla Nəsrəddin” 6 sentyabr 1909, №36 * * * Kərbəlayı “Tərəqqi”nin 201-ci nömrəsi xəbər verir ki, uşaqlarımız küçələrdə toz-torpaq içində gəzirlər və məktəbə getmirlər. Hərçənd söz köhnə sözdür, amma bu məsələyə dair mənim bir təzə sözüm var və bu təzə sözün xatirəsi üçün istəyirəm bu köhnə məsələ barəsində bir qədər söhbət edim. Doğrudur, uşaqlarımız küçələrdə gəzib məktəbə getmirlər. Qafqaz maarif nəzarətinin axırıncı statistik hesabından belə məlum olur ki, Qafqaz müsəlmanlarının beş yüz nəfər uşaqlarından bir nəfəri ancaq dərs oxuyur; qalan dörd yüz doxsan doqquz uşaq küçələrdə oynayır. İrəvanda iyirmi min müsəlman uşağı var: bunların bir-iki yüzü ancaq dərsə gedir. Bakı, Tiflis, Naxçıvan, Şamaxı və qeyri şəhərlər də habelə… Nədir bunun səbəbi? “Tərəqqi” deyir ki, Bakıda müsəlman uşaqlarının küçədə veyil dolanmaqlarına bais şəhərin məkatib komissiyasıdır ki, müsəlmanlara qulaq asmır. Axund Talıbzadə bu barədə cəmiyyətlərimizi və dölətlilərimizii müqəssir tutur. Bir para axmaqlar da günahı bir para mollaların gərdəninə yıxır. Amma bunların heç biri deyil. Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur: Məşədi Qasım on altı dəfə Kərbəla ziyarətinə gedib, dörd dəfə də Xorasana gedib və bu yollarda dörd min üç yüz manat pul xərcləyib. Məşədi Qasım mənim qonşumdur, dərd-dilini mənə söyləyib. İndi özü bir kasıb adamdır, köhnə paltar satır; beş oğlu var, beş qəpiyi də yoxdur. İndi mən cənab “Tərəqqi”dən və Molla Talıbzadədən təvəqqə edirəm ki, buyursunlar görək məkatib komissiyası, yainki dövlətlilərimiz Məşədi Qasıma nə çarə eləsinlər? Amma oxucularımızdan təvəqqə edirik ki, bu məsələyə bir qədər diqqət eləsinlər; çünki dəxi bu zarafata oxşamır. Mən ömrümdə bir kəblayını yadıma sala bilmərəm ki, kasıb olmasın; amma bu kəblayıların hər birisi bir neçə dəfə Kərbəla ziyarətinə müşərrəf olubdur. Danabaş kəndində iki yüz adam tanıram ki, hər il ziyarətə gedər. İldə Qafqazdan Xorasana dörd yüz min müsəlman gedir. Bircə Feodosiyanın Karantin idarəsinin hesabından belə aşkar olur ki, 1899-cu ildən 1909-cu ilədək Qafqazdan İstambula dörd yüz on iki milyon hacı gedib. Heç bir müsəlman yoxdur ki, kərbəlayı, məşədi, ya hacı olmasın. Ruslar divanxanalarda müsəlmanı görən kimi soruşurlar: – Çto xoçeş kerbalay? Çünki ruslar yəqin eləyib ki, dünyada kərbəlayı və məşədidən savayı dəxi müsəlmanın özgə adı yoxdur. Hər bir müsəlman qaragünçülük ilə bir əlli-altmış manat cibində görən kimi gecə yatıb səhər durur, övrətinə xəbər verir ki, “ağam məni istəyib” və bir-iki gün xəlvətdə gözyaşı tökəndən sonra, gedib bazardan otuz iki manata bir yabı alıb, gətirib bağlayır həyətə ki, minib getsin ziyarətə. İndi bəs necə olsun? Cənab Talıbzadə istəyir ki, müsəlman qardaşlar ömrünün əvvəlindən axırınadək Ərəbistan ilə Xorasanın dağ-daşlarını səyahət eləyəndə dövlətlilər də bunların uşaqlarını yığıb müftəcə oxutsunlar? Yox, bu ola bilməz! Cəmiyyətlər ondan ötrü qurulublar ki, beş yüz atalı uşağın bir nəfər atasızını seçib, məccanən oxutsunlar ki, Allaha xoş getsin. Yoxsa imam yolunda dəli-divanə olanların ac yetimlərini küçələrdən məktəblərə yığmaq qeyri mümkündür; hələ qabaqca bunlara yavan çörək vermək lazımdır. Böyük şəhərlərdə hər kəs müxtəlif millətlərə diqqət ilə baxıbsa, yəqin bir belə şey görübdür: əcnəbilərin əksəri qara paltar geyirlər; müsəlmanların paltarı bozdur. Qara paltarlar mahud və triko parçasından tikilibdir. Müsəlman paltarları ucuz yarım-mahuddur ki, iki dəfə gün vuran kimi bozarır. Bir az yavıqdan baxanda görəcəksən ki, müsəlman paltarı yüz yerdən yamanıb. Erməninin bir cift çəkməsi müsəlmanın bütün üst-başının qiymətidir. Kəndlərdə də belə təfavüt var. Müsəlman uşaqlarını kim dilənçiyə oxşatmaz? Evlərimiz və xörəklərimizdə də belə təfavüt var. Əcnəbilərin şərab xərci bizim plovlarımızdan bahadır. Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küşkürürlər dərvişlərin üstünə. Mən demirəm ki, ziyarətə getməsinlər; ancaq mən onu deyirəm ki, möhtərəm oxucu küçədə ayaqyalın bir müsəlman uşağı görəndə, ürəyini sıxmasın ki, “aya görək bu uşaq niyə məktəbə getməyib”. Ancaq mən onu deyirəm ki, hər kəs küçədə bir belə uşaq görsə, yəqin eləsin ki, bu uşağın atası ya kərbəlayıdır, ya məşədidir, hələ bəlkə hacıdır. Mən ancaq bunu deyirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 sentyabr 1909, №37 * * * Əvvəlinci söz Ermənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub: – Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur. Bu ermənilərin ruhani atasının sözü Təzə Qafqaz şeyxülislamı Pişnamazzadə həzrətləri Tiflisdə birinci dəfə camaatın içinə çıxan vaxt naxçıvanlı hacı Hüseynlinin oğlu Məhəmməd Həsənin əqdi-nikah məclisində əvvəlinci sözü bu oldu: – Hər bir belə məclisdə əhali gərək ümumən məkatibi unutmasın. Bu da müsəlmanların ruhani atasının sözü. Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir; amma bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. Ax, Allah, sən yüz milyon müsəlmanın dadına yetiş ki, səhərdən axşamadək günün batmağının intizarını çəkir. Xüdaya, cəlalına şükr! Keçək mətləbə. * * * “Hünər hünər üçündür; hünər bir Allah üçündür”. Dünyada bir hünərli adam axtarıram ki, mənim bu aşağıdakı sualıma cavab versin: Ermənilərin katalikosu, yəni ən böyük keşişi, yəni cəmi keşişlərin böyüyü qırx min camaata üzünü tutub, bircə məktəbdən danışıb və dəxi məktəb söhbətindən savayı özgə söz söyləməyib. Təəccüb burasıdır ki, nə pəhrizdən danışıb, nə Allaha yavıq olmaqlıqdan vəz edib; məktəbdən savayı özgə söz deməyib. Bu nədir? Məgər keşişin təklifi budur? Məcər ermənilərdən ötrü heç bir ibadət yazılmayıb? Görəsən bəs katalikos niyə məktəbdən savayı özgə bir mətləblərə əl vurmayıb? Həmçinin bizim şeyxülislamımız. Bu da başlayıb məktəbdən və qurtarıb məktəbdən. Məgər bu şeyxülislam vəzifəsidir? Şeyx də belə eləyəndə dəxi orucdan, namazdan kim danışacaq? Onda da bu günlər ki, qəzetlərin sütunları rəməzan məqalələri ilə doludur. Məgər məktəbdən savayı, bizim özgə dərdimiz yoxdur? Bəs süfati-səlbiyyədən kim danışacaq? Bəs xüsuf və küsuf namazlarından kim moizə edəcək? Budur məgər şeyxülislamın təklifi? “Hünər hünər üçündür; hünər bir Allah üçündür”. Hünər istər ki, meydana bir pəhlivan çıxıb, mənim cavabımı versin. Mən soruşaram ki, aya, niyə dünya belə xarab olub? Görəsən, hansı bədəməllərin oduna yanırıq? Görəsən niyə bu günlərə qaldıq? Rəhm elə bizə, bari pərvərdigara, bircə sənədir ümidimiz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 sentyabr 1909, №38 * * * “Nicat” Budur beş ildir – hər gün eşidirəm “Nicat”, “Nicat”. Bir gün eşidirəm ki, Bakıda “Nicat” cəmiyyəti dünyada hər nə qədər ki, sahibsiz müsəlman balaları var, – hamısına “nicat” paylayır. Bir gün qəzetdə oxudum ki, “Nicat” cəmiyyətinin başına yüz əlli min artist cəm olub və ildə yüz əlli min dəfə teatr oynayıblar və “Nicat” sandığına yüz əlli on yüz min manat pul cəm olunub. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. Bu beş il müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir gecə kələmdolması yeyib bərk yuxuya getdim və bir belə vaqeə gördüm: gördüm ki, həzrətin xidmətinə müşərrəf olub durmuşam ağanın qulluğunda. – Molla Nəsrəddin, sözün nədir? Nə istəyirsən? – Ağa, ərzim var. – Sözünü de. – Ağa, bir bunu mənə fərmayiş edin görüm, o ki deyirlər “vadiyüssəlam” – o haradır? – Həzrət fərmud ki, “vadiyüs-səlam şəhri Badikubəəst ki dər on şəhr ərvahi möminan həlqə-həlqə nişastəənd və ba həmdigər süxən miguyənd. Güftəm: bədənənd, ya ruhənd? Fərmud: ruhənd. Güftəm: – Bəs o ruhlar kimlərdən ibarətdir? – Buyurdu: o ruhlar ibarətdir “Nicat” üzvlərindən ki, hərdənbir məclis qurub əyləşirlər və işləri müzakirə eləyirlər”. Bu heyndə yuxudan oyanıb öz-özümə bir neçə min dəfə salavat çöndərdim. Bir neçə gün bu fəqərədən sonra götürüb “Nicat” naziri İbrahim Qasımova yazdım ki, Ələkbər Hüseynov, Abbas ağa Hüseynov və Cahangir xan Aşurbəyovdan aldığı on iki manat yarım abunə pulunu göndərsin “Molla Nəsrəddin” idarəsinə. Bir neçə gündən sonra Qasımov cənablarından bir belə cavab gəldi: “Nicat” cəmiyyəti mənim yüz əlli manat haqqımı kəsibdir; mən də bu on iki manat yarım abunə pulumu həmin yüz əlli manatdan çıxdım. İndi “Nicat” mənə yüz otuz yeddi manat yarım borclu qaldı”. İstədim mən İbrahim Qasımovun bu gözəl, ədəbli və insaniyyətli cavabını yetirəm “Nicat” üzvlərinin xidməti-şərafətməablarına, elə istəyirdim qələm götürüb yazam, həzrətin fərmayişi yadıma düşdü ki, “Nicat” üzvləri ruhdurlar, bədən deyillər və məlum şeydir ki, ruhdan da bizə bir cavab və kifayət ola bilməzdi. “Və dər hədisi mötəbəri digər mənquləst ki, şəxsi bəhəzrəti Sadiq əleyhüssəlam ərz kərd ki, bəradərəm dər Bağdadəst və mitərsəm ki, dər onca bemirəd. Fərmud ki, pərva məkon, həqqi təala ruhəşra məhşur migərdanəd besuyi vadiyüs-səlam”. Allah cəmi mömün bəndələrin ruhunu Bakı vadiyüs-səlamının “Nicat” üzvlərinin ruhları ilə məhşur eləsin! Amin, ya müin! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 sentyabr 1909, №39 * * * “İrani-nov” “İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən. İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq. Əvvələn, cəmi müsəlman qardaşlara müjdə olsun ki, “Əhlül-elm Məhəmməd Əli Tehrani” cənabları bu məqaləsi ilə biz müsəlmanların başını elə ucaltdı ki, əgər hacılarımız uzun papaqlarını çıxartmasalar, Naxçıvan evlərinin qapılarından əyilməmiş keçə bilməyəcəklər. Həqiqət ərz edirəm, məqalə sahibinin mətbuat aləminə qədəm qoymaqlarını cani-dildən təbrik edirəm və “İrani-nov” bəradərimizə vəsiyyət edirəm ki, belə bir qələm sahibini qənimət bilsin. Məqalənin hər bir kəlməsi bir hikmətdir, hər bir mətləbi bir kəşf və kəramətdir; məsələn, məqalə sahibi yazır ki: “Bonapart Napalyon ol vəqti ki əmr bəneviştəni “qod” nemudə bud, miqdari əz qəvaninimüsəlmanra ixtiyar nemud, xudra bəövci-əlayi-təməddün rəsanidənd”. Yaz, yaz qardaşım, yaz! Həmədanda, Zəncan, Gilanda və İsfəhanda nə biləcəklər ki, Napalyon nədir, təməddün nədir? Ancaq oxuyub çox şad olacaqlar. Amma təəccüb edəcəklər ki, bir elə elm sahibi Məhəmməd Əli nə səbəbə imzasını “əqəlli-əhlül-elm” yazır? Dəxi Napalyonun tarixindən danışan şəxs gərək əhlül-elmlərin ən artığı ola. Sonra Yaponiyanın tərəqqisindən söhbət açıb, məqalə sahibi istəyir desin ki, məhz müsəlmanın qanunlarının bərəkətindən yaponlar rusları basdılar. Xülasə, ma əgər, bexahim şərhi-üsule-filyəton-nəvisiye filosifeye-əsr Məhəmmədəli Tehranira bəyan konim, dərin bab kitabiəlahiddə bayəd təlif nemud; lakin indi burada ancaq bunu deyə bilərik: şər bir kəs yatıb yuxuda sayıqlasa, onun hədərən-pədərənini götürüb qəzetdə çap eləməzlər. “İrani-nov” rəfiqəmiz gərək bunu nəzərində saxlasın, yoxsa bir gün “İrani-nov” qəzetinin 23-cü nömrəsi gedib çıxar Napalyonun vətəninə, yainki Yaponiya cəzirəsinə, orada qəzetin felyetonunu oxuyub, Naxçıvan arvadları kimi boğma çıxardıb deyərlər: “Qadam ürəyinə, söz danışan!”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 oktyabr 1909, №40 * * * Dağarcıq Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək. Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar. Həmçinin arvad. Gördün ki, sözünə baxmır, ata-anasını söysən kifayət edər. Yoxsa baxıb gördün ki, nəinki sözünə baxmır, hələ bəlkə üzünə də durur, – o vaxt götür “səndal” ağacını və başından bir-iki dəfə bərk vur; amma elə vur ki, ağac gözünə dəyməsin; çünki birdən vurub kor elərsən, onda da bir özgə arvad almaq xərcinə düşərsən. Amma elə ki, arvad başladı cızıqdan çıxmağa, məsələn, sən gecələr, meyxanalardan və lotuxanalardan evinə gec gələndə, başladı övqatını təlx eləməyə, yainki gördün ki, beş-on arvad almağına narazılıq göstərib gedib ata-anasına şikayət elədi, – o vədə arvadını tut qat dağarcığa və o qədər vur ki, canı çıxsın! * * * İndi, ey mənim əzizim, dəxi çox da elmdən, məktəbdən dəm vurma: tutaq ki, qızını qoydun məktəbə, dərs oxudu və elmli oldu. Vallah, billah bircə tikə mənfəəti yoxdur: dağarcığa qatılandan sonra dəxi nə yazı yazmaq lazım olar, nə bir özgə şey mənfəət gətirər! Bu mətləbi biz müsəlmanların içində heç kəs hələ lazımınca düşünməyib, savayı Bakıda məkatib komissiyası sədri cənab Makedonskidən və haman komissiyanın doqquz nəfər müsəlman üzvlərindən. Məlumdur ki, Bakının bir neçə boşboğaz müsəlmanları bir vaxt çalışırdılar ki, şəhər tərəfindən bir dənə qız məktəbi açılsın. Bu xəbəri eşidib biz vaqeən çox pərişan olduq və Dəmdəməkiyə yazdıq ki, bizə əhvalatı bildirsin görək bu nə axmaq sözdür danışılır. Dəmdəməki gedib işin həqiqətini Makedonski cənablarından və həmçinin müsəlman üzvlərindən soruşmuşdu. Müxbirimizə Makedonski xanın sözü bu olub ki, “mən çox səy edirəm ki, qız məktəbi açılsın, amma komissiyanın müsəlman üzvləri mənə deyiblər ki, hələ orucluqdur, bir az dayan”. Üzvlərdən də bir nəfər doktor, Dəmdəməkiyə cavab verib ki, “qardaşım, Dəmdəməki, yaz Molla Nəsrəddinə ki, ürəyini sıxmasın, mən qızlarımızın oxumağına razı deyiləm; o səbəbə ki, hamısı birdir, dağarcığa qatılandan sonra elmin faydası ola bilməz”. Bəli, sözümüz oradadır ki, pişiklə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssalam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 oktyabr 1909, №42 * * * Təmizləmək Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”. Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”. Bununla belə, dedim ki, qoy görək, bəlkə aşağıda bir söz demək istəyir və başladım oxumağa: “Əgər köylülərin irfanını yüksəltə bilirsək, o nisbətdə fazla lüğət öyrənmələrinə luzum hasil olur. Bu lüğətləri hanki lisanın lüğətindən öyrədirsəniz öyrətiniz, – birdir. Madam ki, millətin təbəqeyi-aliyə və mütəvəssitəsi ərbabi şu dövrdən keçmişlərdir və irfanları yüksəldikcə əlavə etmək ehtiyacında bulunduqları lüğətləri ərəbi və farsidən almışlardır, köylülərimizin də eyni yoldan keçəcəyi və bizim istemal elədiyimiz ərəbi və farsi kəlimat alacaqları təbiidir”. Oxuyub qurtarandan sonra, dedim: – Arvad, hələ bunu tez apar tulla, sən gəlincəyə qədər o birinə də bir az baxım, bəlkə onda bir zad tapıla. Arvad getdi. Mən başladım oxumağa: “İslam dillərini bir-birinə elə məxlut və məmzuc (və məxmur) etmək lazımdır ki, onu təğyir ilə bir-birimizin muradını düşünüb, bir-birimizə mərifət hasil edək. Zənnimizcə bizim babalarımız həmin mülahizə ilə ərəb və fars sözlərini bu qədər dilimizə qarışdırıblar”. Yuxarıda yazılan sözlər, yəni kəlimati-anifül-bəyan çox filosofca olduğu üçün, oxuyandan sonra xeyli düşündüm və ürəyimdən inandım ki, bu sözləri yazan doğrudan çox dərin tarix və fəlsəfə biləndir. Pəh-pəh! Zalım oğlu kim bilir, nə qədər zəhmətdən sonra kəşf edib ki, “babalarımız ərəb və fars sözlərini dilimizə ondan ötrü qarışdırıblar ki, hər yerdə olsa, islamlar bir-birlərinə tanış olsunlar”. Heç belə doğru söz ömrümdə eşitməmidim! Bax, filosofluq, tarix bilməklik buna deyərlər. Yoxsa, Əhməd Müdhət, Nəcib Asim və Vələd Çələbi kim cahillər, hey uzun türk tarixləri yazıb göstərirlər ki: “Babalarımızın köçəriliyi, cahangirliyi, islam dinini ərəb dililə öyrənməkləri, “alimliyi” ərəb və fars dillərini bilməkdə qanmaqları, “Məsnəvi”yi fars dililə yazmaqları, öz millətlərinin gələcəyini layiqilə düşünməməkləri… və qeyrə, qeyrə dilimizə ərəb və fars sözlərinin dolmağına səbəb olub”. Bunlar da sanki söz danışırlar. Sözün doğrusu, “C.Y.” cənablarınındır ki, buyurub; əgər belə olmasa, ərəbistanlı bir ərəb hardan farsın dilini qanır və şirazlı hardan Azərbaycan türkcəsini başa düşür? Əgər belə olmasa idi, müsəlmanlar hardan bir-birlərini belə gözəl tanıya bilərlərdi? * * * Bizim Cəfərin anası ev-eşiyi süpürüb təmizləyəndən sonra, zibili həmişə evin qabağına tökür. Mən hey yalvarıram ki, “ay arvad, Allaha bax, bir az oyana götür, heç olmasa Məşədi Mozalangilin qapısının qabağına tök”. Amma, başa çıxa bilmirəm. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar gəlib rizqlərini zibildə tapırlar; onları doydurmaq da savabdır. Nədən ötrü bizə gələcək savab məşədi Mozalanbəygilə getsin? Eşitmişəm, İstambul xanımları da bizim kimi edirlər”. Arvadın sözlərini bir az fikir edəndən sonra, yavaş-yavaş yumşalmağa, ona haqq verməyə başladım. Amma arvad burasını bilmir ki, osmanlılar məşrutiyyətdən sonra istəyirlər yollarını da təmizləsinlər, dillərini də. Hərçənd dillərinin təmiz və saflaqmağı barəsində uzunuzun yazılar yazırlar, lakin “təsfiyeyi-lisan”, “təxliyeyi-kəlimati-əcnəbiyyə” kimi elə bic-bic sözlər tapıb yazırlar ki, bunları oxuyan az bilikli osmanlılar elə güman edirlər ki, qəzetlər yolların zibillərini təmizləmək və şəhərin havasını saflandırmaq istəyirlər, nəinki dillərini. Bu da hürr osmanlıların fəndi! Amma hər nə olsa, Allah üçün yaxşı fənddir; çünki açıq və anlayışlı yazsalar, o vaxt camaat deyə bilər ki, “niyə dilimizə vaxtilə bu qədər zibil doldurubsunuz ki, indi də yolların zibillərini təmizləmək zəhmət və xərcinin üstünə bunu da artırıbsınız? Biz, dilimizi təmizləmək əməlilə qurulacaq məclislər və yazılacaq kağızlar üçün bir para da xərc verən deyilik. Onları gedin “üdəbayi və şüərayi-fəsihül-lisan və zül-ehtiram” əfəndilərdən alınız”. Xülasə, bizim Cəfərin anasının ev təmizləməyilə osmanlıların dil təmizləməklərində bir fərq görmürəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 nyabr 1909, №44 * * * Kəc qabırğa Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır. Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər. Çikaqo şəhərində beş min qız hökumətə bildirir ki, əgər arvadlara tamam müsavat verilməsə, onlar heç bir vaxt ərə getməyəcəklər və çalışacaqlar ki, bütün Amerika qızlarını da özlərinə köməkçi çağırıb, kişiləri baykot eləsinlər. * * * A canım, mən bu xəbərləri oxuyanda özümü ya yuxuda və ya “gipnotizm”, yəni sehirlənmiş hesab edirəm. Hə!.. Hə!... Amma arvadların bu dərəcə həyasızlıqlarını, “Din və məşəqqət” demişkən dünya yaranandan bu yana heç eşidibsinizmi? Arvad hara, müsavat hara? Əgər onlara müsavat lazım olsaydı, Allah onları saçı uzun, ağlı qısa yaradardımı? Əgər onlara müsavat lazım olsaydı, Allah onları üzləri tüksüz yaradardımı? Arvad dedin dəxi nə qaldı ki, utanmaya-utanmaya haqq-hüquq da axtarsınlar! Vallah, mən bilmirəm ki, bizim bəzi axmaq yazıçılar nə istəyirlər? Deyəsən haqq və müsavat kişilərimizin başından daşıb ki, hələ arvadlara da pay axtarırlar. Fərzən ehtimal edib deyək ki, bizdən savayı bütün dünyanın arvadları özlərini öldürüb çalışdıqları və onlara bir çox kişilər də yardım etdikləri üçün, bir az haqq və ixtiyar verilsin. Lakin bu İran yazıçılarına nə düşüb ki, öz-özlərini zəhmətə, həbsə salıb arvadlarımızın dərdlərini çəkirlər və götürüb Təbrizdə çıxan “Söhbət” qəzetində yazırlar ki: “Bir millət bir əza hökmündədir. Əgərçi atamız həzrəti-Adəm övrəti öz qabırğası bilirdi və hər yerdə yanınca dolandırırdı, amma bu iş bizim qeyrətimizə sığışmadı, dedik: “Qabırğasız dolanmaq, kəc qabırğadan yaxşıdır”. Kəc qabırğanı evdə gizlətdik. Əlbəttə əzadan ki, bir zad əskik olsa, şikəst hökmündədir. Necə ki, şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. Qalmışıq məəttəl! Həm könlümüz adam olmaq istəyir, həm arımıza gəlir ki, kəc qabırğanı öz üzvümüzdən bilək. Ya gərək, Allah bu qeyrəti bizim əlimizdən ala, biz də övrətləri kəcdidə – öz üzvümüz bilək, ya da ki, bizdən özgə cəmi dünya məxluqunun Allah qəlbinə sala, onlar da bu kəc qabırğanı evdə qoyalar. O vaxt bizi eybəcər, şikəst gözündə görməzlər. Əgərçi bu lap çətindir: tamam dünya top-topxanaları ilə yığışalar, – kəc qabırğanı yerində oturda bilməzlər. Hər yerdə hazır-nazır olmaqları bəs deyil, vəkil olmağa da çalışırlar. Hələ, ağıllı adamlar deyirlər ki: “hər məmləkətə məşrutiyyət, elm və tərbiyət gəlsə, övrətlərin qafasına girər”. Bunu eşidəndən, övrətimə tapşırmışam qafasından mütəvəcceh olsun ki, tərbiyət girməsin. Seyid Hüseyn”. Bu sözləri, yenə bir imansız müsəlman yazsaydı!… Nə isə… Axır, heç belə şey olarmı ki, həm özün “seyid”, həm adın “Hüseyn” ola-ola götürüb elə məsxərə və hədərən-pədərən yazırsan! Bunlara heç deyən yox ki, ey baba, bir tikə çörəyin varsa, otur rahat ye, iki günlük dünyada kefinə bax! Xalq nə cür, sən də o cür. “Kilimə bürün, el ilə sürün”. Yoxsa, nədir, nədir kəc qabırğadan ötrü İran məşrutəxanasına, yəni seyyidül-mühəqqiqin və şeyxüssəliminin həbsxanasına girmək? Nə deyim, vallah sənə müstəhəqdir. Oğlanlar barəsində bir şey yazsaydın yenə… Nə isə… Məsələn, “İrani-nov”un 49-cu nömrəsində yazılan kimi, götürüb yazaydın ki, “Seyid Əbdülqəni Tənkabüni pəsəri-şönzdəh saləra iğva nümudə, çahar şəb qəbl, pünhanəş kərdə; hala miguyəd bətərəfi-Mazəndaran rəftə əst. Madəri-biçareyi-pəsər banaləvü zari, bənəzmiyyə təzəllüm nemud. Jandarmi məxsus badəsteyi-sərbazi-məmur və rəvaneyi-tərəfi Mazəndaran nemudə ki, pəsərra ricət dəhəd”. Bax nə demişəm! Belə xəbər yaz ki, hamının xoşuna gəlsin. Axır qızın özü nədir ki, dərdi nə olsun? Məgər atalarımızın sözü yaddan çıxıb ki, “göy dolağım sağ olsun, tapılmayan qız osun” – buyurublar. Yox, əgər beyninə girib ki, gərək qızlardan ötrü bir zad yazasan, barı “Şərqi”in 22-ci nömrəsindəki əhvalatı yaz ki, “Əlixan nam bəxaneyi-Yusifxan rəftə dər surəti ki əyali-Yusifxan dər xanə nəbudə və çaquyi-dər dəst daştə doxtəri-zəni-Yusifxanra izaleyi-bəkarət nemudə. Komisər bəd əz ittila əz vaqeə, pədərü madəri tərəfeyn və doxtərü pəsərra bəcəhəti-təhqiqü kəşfi-çigunəgi hazir nemudə, təhqiqati-ibtidai bəəməl avördə. Bərayi-təhqiq doxtərra bənəzdi-do nəfər qabilə forustadənd, cəvab dadənd ki, kari-sabiqəst; dəxli-diruz nədarəd. Həmsayəgan təəccüb mikonənd ki in doxtəri-hicabürrəayə bəəməli-şəni həmişə çe gunə mortəkib mişod”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 noyabr 1909, №45 * * * Bismilla xiragima nirragim Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki: – Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim: – Balam, mən dünən səhər getdim. Bu gün tələsik işim var. – Dedi: – Mən ölüm, dur gedək, iş sabah da görülər, bir yerə qaçmır ki! Fikir etdim ki, düz deyir, müftə hamamı əldən qaçırmaq axmaqlıqdır. Bərabər getdik. İki-üç saat hamamda özümü bir az qızdırdıqdan sonra evə gəldim, gördüm başım çox ağrıyır. Haşa hüzurdan, arvadıma dedim ki, döşəyi rahatlasın. Bir az sonra bizim Cəfərin anası sevinə-sevinə gəlib dedi ki, ay kişi, bir görsən bizim Cəfərlə seminariyada oxuyan bacıoğlu Həsən işkolada nə xoş quran oxumaq öyrəniblər; amma bizim oxumağa heç bənzəmir. Görünür, qoçaq müəllimləri onlara əsil ərəb-Misir üsulu quran oxumaq öyrədib. Doğrusu, çox yorulmuşdum, istəyirdim yatam; lakin bizim Cəfərin ərəb üsulu quran öyrənmək xəbəri mənə özgə bir fərəh verdi. O saat: – ay Cəfər, ay Cəfər, gəlin görüm Misir üsulu quran nə cür oxursuz? – deyə qışqırdım. Uşaqlar gəldilər. Cəfərə dedim: – Bərəkallah, oğul! Əminin gimnaziyaya verdiyi bir aləm pul müftə getmir. Misir üsulu “əlhəmdüllah”ı oxu görüm, qoçağım. Cəfər başladı oxumağa: – Bismilla xiragima nirragim. Əlğəmdü lillaxi yəbibül aləmin. Ərragima nirragim… – Dedim: – Kəs, kəs!.. Sağın oğlu! Bu ərəbcə deyil, “xaxol”-cadır. Sənin də, sənə öyrədən müəllimin də!.. Övqatım lap təlx oldu, istədim uşağı döyəm, anası qoymadı ki, uşağın təqsirir nədir? Bir az acığım gedəndən sonra, uşağı çağırdım, xəbər aldım ki, sizə gimnaziyada nə cür dərs verirlər? Uşaq başladı ağlaya-ağlaya nağıl etməyə: – Dərslər təzə başlananda şəriət müəllimimiz bizə dedi ki, açın quranı oxuyaq. Biz də açdıq. – Dedi: – Oxuyun: – Dedik: – Türkcə savadımız yoxdur, haradan oxuyaq? – Dedi: – Türkcə bilmirsiniz bilməyin, nə eybi var, savad savaddır; türkcə olmasın, rusca olsun. Direktor da deyir hamısı birdir və başladı bizə quran surələrini rusca yazdırıb əzbərlətməyə. Oxudanda da həmişə deyir ki, Misir hafizləri də belə oxurlar. – Dedim: – Yaxşı, türk dili müəlliminiz sizə savad öyrətmirmi? – Dedi: – Həftədə iki dərsimiz var, o da beşinci, altıncı dərsdə. Üç-dörd klas bir yerdə qarışıq oxuyuruq. Müəllim çatışdıra bilmir. Yenə yaxşı ki, böyük uşaqlar buraxıb gedirlər. Biz xırdalar qalıb bir az oxuyuruq. – Dedim: – Yaxşı, böyüklər niyə oxumurlar? – Deyirlər ki, direktor ki, qulaq asmır, imtahan da ki, yoxdur, – niyə özümüzə zəhmət verək? Dedim bəlkə Cəfər yalan danışır, Həsənnən soruşdum ki, balam, seminariyada nə cür öyrədirlər? Həsən qaş-qabağını töküb: – Bizdə daha pis. Rus uşaqlarından vaxt yox ki, bizə bir zad öyrətsinlər, – dedi, – Dedim: – Türk dərsində rus uşaqlarının nə işi var? – Biz də onu müəllimə dedik. Dedi ki, balam, mən nə qayırıram, direktor belə istəyir. Bu iş zakonda da yox: amma böyüklərimiz belə buyururlar. Bizim əlimizdən nə gələr? – Dedim: – Yaxşı, Bakı müsəlmanları dəxi nədən ötrü Qori seminariyasına artıq pul verir ki, türk dərsi artıq oxunsun? – Dedi: – Ay əmi… Doğrusu, dəxi bu qədər açıq zülm və haqsızlığa davam gətirə bilmədim. Üstümü geyirdim ki, gedəm direktoru görəm, deyəm ki, bu nə işdir, bizim başımıza gətirirsiniz? – arvad əlimdən yapışdı, dedi: – Dəli olma, yatırsan, yat! Bu qədər uşağın atası, bu qədər müsəlman böyükləri səs çıxarmırlar, sənə nə olub? İstəyirsən bu çağında özünü qalmağala salasan? Bir tərəfdən yorğunluğum, o biri tərəfdən Cəfərin anasının danlamağı məni dayandırdı. – Dedim: – Allah bəlanızı versin! Qoymursuz ki, adam bir iş görə. Di gəl, corablarımı çıxart yatım. Yatdım; lakin yuxuda “bismilla xiragima nirragim” heç yadımdan çıxmırdı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 noyabr 1909, №46 * * * Bəzi işlər Seyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi, bu yavıqlarda tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon ilə danışmaq”. Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı baydaqlara yazıb gəzdirirdilər. İndi də belə. * * * Təəccüb budur ki, belə qəribə insanlar İranda az deyillər; məsələn, götürək İclalül-Mülkü. Elə ha eşidirdik ki, “Məşrutəçi İclalül-Mülk”, “Hürriyyətpərəst İclalül-Mülk”, “Vətəndust İclalül-Mülk”. Amma indi? İndi hər kəsi dindirirsən, deyir: “Müstəbid İclalül-Mülk”, “Zalim İclalül-Mülk”, “Xain İclalül Mülk”. Yəni bir az insaf ilə danışsaq, bunlarda günah yoxdur. Torpağın da təsiri hesabdır. * * * Molla Əbdürrəşid əfəndi gedib gəzib, gəzib, axırda başlayır ki, dünyada nə qədər ki gözü bağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağzı doşablı, qulaqları kar və beyinləri çürük – müsəlman tayfalarıdır. İbrahimovun yazdığına görə, Hindistanın paytaxtı Bombey şəhərində müsəlmanların yüzdən artıq məscidi var, amma ikicə mədrəsələri var ki, orada da əlli şagirddən artıq yoxdur. Müsəlmanlar məcusi hindilərə nisbətən çox geridə qalmışlar. Hindlilərdən məhkəmələrdə və hökumət idarələrində məmurları var, amma müsəlmanlardan yox kimidir. Bu sözləri yazandan sonra “Vəqt” qəzeti ürəkdən bir ah çəkib deyir: “Müsəlmanların halı Çində də, Hinddə də, Rusiyada da, Türkiyə və İranda da birdir. Bunlara hava, iqlim, gördükləri və eşitdikləri təsir etmiyor”. Biz də Əbdürrəşid İbrahimovdan və “Vəqt” qəzetindən təvəqqə edirik ki, təzə sözləri varsa, danışsınlar, xalq qulaq assın. Bunlar köhnə sözdür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 dekabr 1909, №49 * * * Bikarlar bayramı Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə. Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar. Hər dəm gələr fəğani dili-zarim, ağlaram. Soldu xəzani-zülm ilə gülzarim, ağlaram. Bunların dalınca üç-dörd yüz camaat ağlaya-ağlaya gəlir. Qabaqda gələn və sinəzən oxuyan şəxsi mən tanıyıram. Bunun adı Məşədi Səfər Quludur. İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı və miravoy sudya buna ay yarım dustaq kəsmişdi. Məşədi Səfər Qulunun dəstəsində olan adamları da tanıyıram: bunların biri Kərbəlayı Heydərdir ki, bir neçə ay bundan qabaq öz dostu Kərbəlayı Cəfərin doqquz yaşında oğlu Zeynalı xəlvət bir yerdə bihörmət eləmək istəmişdi. Allah rast salmışdı ki, gəlib uşağı namərdin əlindən xilas eləmişdilər. Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa. Xülasə, bu dəstədə bir müsəlman görmürəm ki, ondan bir haramzadalıq və xəyanət baş verməmiş ola. Bəli, sinəzən oxunur: Hər məclisi-əzadə məni-zarü binəva Ta var dilimdə qüvvəti-göftarim, ağlaram. İndi hər kəs məndən soruşsa ki, “niyə ağlayırsan?” – cavab verərəm ki: – Ağlamağımın səbəbi, ağlamağımın səbəbi, ağlamağımın səbəbi… Səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram və bir çarəm də yoxdur. Müsəlman qardaşlardan da təvəqqə edirəm ki, həmişə məsciddə yağlı başlarına döyüb ağlayanda və birisi bunların ağlamağının səbəbini soruşanda belə cavab versinlər: Desinlər ki, biz ağlayırıq ona ki, dünyada hər bir millətin içində quldur söhbəti düşəndə – Qafqaz müsəlmanları yada düşür. Biz ona ağlayırıq ki, dosta və qardaşa xəyanət etməkdə, haramzadalıqda, namərdlikdə və anamızın əmcəklərini kəsməkdə biz Qafqaz müsəlmanları dünya və aləmə dərs verə bilərik. İndi də yığışmışıq məscidə və başımıza döyüb oxuyuruq: Bəzmi-visaldən məni saldı fəraqə çərx, Qaldı qiyami-məhşərə didarim, ağlaram. Yəni Tiflisə yolum düşəndə orada bir urus uşağı gördüm. Ax! Ax!.. Dəxi olub gedib; elə bir “mal” bir də görə bilməyəcəyəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 dekabr 1909, №50 * * * İcazeyi-ictihad Cümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar. Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar. Xülasə, bu il, maşallah, yaxşı keçdi: oxumuşlar qurban namazına gəlmək istəmirdilər, amma Allah rast saldı ki, millətin dərdindən saralıb sapa dönən Mirzə Ağa həzrətləri qəzet vasitəsilə oxumuşlara xəbər verdi ki: “bax, camaat namazına gəlməsəniz, dəxi bundan sonra deməyiniz ki, camaat dalda qalıbdır! Yəni dəxi camaat dərdi çəkməyiniz; çünki dəxi Bakıda mən olan yerdə özgə millətpərəstin lüzumu yoxdur”. Bəli mömünlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər də gəlməmiş olmasın. Mən bunu eşitcək yazıb Yusifxanov cənabından iltimas elədim ki, barı bir-iki adama icazə versin ki, üzrləri olmuş olsa, azad olsunlar. Xeyr, başa gəlmədi; buyurdu ki, “Bir nəfər də izn verə bilmərəm”. Yəni dedim: ay qardaş, heç olmasa qoy bir nəfər oxumuş qalsın eşikdə. – Yəni heç olmaz? – Xeyr, heç olmaz. Xülasə, başa gəlmədi. Nə qədər ki, Bakıda oxumuş var, – bayram günü hamısını qatovluyub doldurdular məscidlərə ki, qazı Mirkərim ağaya iqtida eləyib, namaz qılsınlar. * * * Nə dər hər söxən bəhs kərdən rəvast Xəta bər büzürgan giriftən xətast. Ağalardan təvəqqə edirəm ki, bəndəni bağışlasınlar: böyüklərə irad tutmaq özü bir xətadır; amma yaxşı olar ki, cəmi Bakı şəhəri məscidlərə dolanda küçə və kənarda heç olmasa bir nəfər oxumuş qala; çünki dünyanın işini bilmək olmaz; bəlkə müsəlman qardaşlar başlarını qumun içinə soxan vaxt bir nəfər misyoner fürsəti qənimət bilib, gəlib müsəlmanların cümləsini bir günün içində özgə bir dinə çöndərmək istədi. O vədə kənarda qalan oxumuş müsəlman qardaş, əlini qoyar misyonerin sinəsinin üstə və ona cavab verər: “Çəkil, çəkil! Onsuz da öz içimizdə yüz yetmiş min din və məzhəb var, Allahın bərəkətindən dəxi özgə dinə möhtac deyilik! Get, get!”. Hər kəs istəsə, mən mərc gələrəm ki, tamam Qafqazda məscidlərə doluşub, başlarına vuran müsəlman qardaşların cəmisini bir günün içində özgə bir dinə çöndərmək mümkündür. Bundan ötrü lazımdır yüz nəfər bəyi siyahi eləyib, hərəsinə bir medal paylamaq, yüz nəfər mollaya qazılıq yeri vermək və yüz nəfər dövlətli hacını yaranal eləmək və bu üç yüz nəfər adamı borclu eləmək ki, bir günün içində cəmi Qafqaz müsəlmanlarını özgə bir dinə çöndərsinlər. Bundan asan bir şey yoxdur. * * * Cümlə müsəlman qardaşlara qismət olsun, Bakının Məscidicəmesində bakılı qardaşlar ilə bərabər bayram namazlarını yerinə yetirsinlər. Çünki belə camaatın içində və belə ruhanilərin dalında namaz qılmaq yüz min namaza müadildir: məsələn, necə ki, məscidülhəramda namaz qılmaq məscidi-Kufədə namaz qılmaqdan əfzəldir və məscidi-Kufədə məscidi-Əqsadən, məscidi-Əqsadə məscidi-camedən, məscidi-camedə qılmaq – qəbilə məscidində qılmaqdan, qəbilə məscidində qılmaq Naxçıvanda bazar məscidində qılmaqdan. Amma Bakı məscidində qılmaq bunların hamısından əfzəldir. Çünki bura Badikubədir; yəni şəhidlər şəhəridir, yəni burada dəryalar bərabəri qan tökülüb və töküləcək. Bu zəhrimar xalera da hələ naz eləyir. * * * Həmişə Badikubə möminlərindən söz düşəndə, Təbrizdə rəisiəncümən yadıma düşür. O vaxt ki, eşitdim ki, ağa icazeyi-ictihad alıb, götürüb “Din və məişət” mühərrirlərinin birinə kağız yazıb bu məsələyə cavab istədim. Cavab gəldi ki, “bir adam [ki, ] on dörd yaşında Həsənəlixan əmiri-nizama əməleyi-xəlvət ola, iyirmi dörd yaşında axmaqlarla qumar oynaya, otuz dörd yaşında Kərbəlada və Nəcəfdə ərəb arvadlarına məsələ öyrədə, qırx dörd yaşında qızını yekə mollanın oğluna verə və əlli dörd yaşında Əncüməndə rəis ola, – o adam axırda müctəhid olar”. Dəxi bilmirəm nə deyim?!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 dekabr 1909, №51 * * * Səhv Bu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm. Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi: Ətəbati-aliyat Üləmayi-üzamın öhdələrinə tərəttüb edən vəzifələr Bu sərlövhənin altında bir uzun məqalə yazılıb. Qəzeti poçtda aldım qoydum cibimə ki, evdə oxuyam. Yolda evə gələ-gələ qəzeti açdım ki, görüm Əhmədbəy üləmanın vəzifələri barəsində nə yazır. Səhifənin ortasında bir belə sözlər gözümə sataşdı: “Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız; çünki istibdadın əsl əsası və binaları şu batini əsarətdir”. Bu sözləri yolda oxuyan kimi, mən yəqin elədim ki, Əhmədbəyin məqaləsində batini əsarətdən murad təqlid məsələsidir və evə gəlib Lağlağıya dedim ki: – Əhmədbəy bu gün bir söz danışıb, amma bu sözdən qan qoxusu gəlir! Lağlağı dedi ki: – Ağlım kəsmir. Qəzeti açdım və məqaləni başdan axıra kimi oxudum. Nə gördüm? Mən elə bildim ki, Əhmədbəy yazacaq: “Üləmayi-üzəmın vəzifələri budur ki, biçarə müsəlmanlardan əl götürüb, onları batini əsarətdən qurtarsınlar”. Amma xeyr, mən binəva böyük səhv eləmiş imişəm: Əhmədbəyin yazdığı özgə bir mətləbdir. Mən bədbəxt nə böyük səhv elədim?! Molla Nəsrəddin “Molla Nəsrəddin” 1910, №1 * * * Nə deyim Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”. Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar: “Ey şiələr, gəlin şuri-nəvayə”... Budur tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar – iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”. Allah xatirinə, ay şiələr, bir məni başa salın görüm bu rusa nə cavab verim və nə deyim?... * * * Hələ mən bilmirəm ki, xalqın bizinən nə işi var? Dünən bir erməni məndən soruşur ki, Naxçıvanda flan hacı niyə 22 lirə pulu göndərir müftəxor müctəhidə? Deyirəm ondan ötrü ki, hacı Allah bəndəsidir, mömündür, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir, mənə nə deyir ki, “asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib keçən il o rusa pambıq satanda pambığın içinə altı dənə köhnə kişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan hacının fəndini duyub bir çox adam içində hacının üzünə tüpürdü”. İndi mən bilmirəm erməniyə nə deyim və nə cavab verim?... Dəli “Molla Nəsrəddin” 1910, №1 * * * Təzə il Təzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar. Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə. Cırcırama “Molla Nəsrəddin” 1910, №31 * * * Nişanlı bir qız Müzlüm gecədə nişanlı bir qız Bir hüznü ələm içində yalqız, Yatmaz, uyumaz o qəmli düxtər, Zanularını qucub, mükəddər, Barmaqda nişan üzüklə iştə, Oynar, edər ah ol fəriştə, Fəryadla qəmli-qəmli ağlar, Hər naləsi kainatı dağlar. Nişanlı qız ağlaya-ağaya deyir ki, “ey mənim qara bəxtim, nə olardı ki, mən anadan olaydım Frəngistan şəhərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olardı ki, dünyanı işıqlandıran günün üzünə hərdənbir baxmış olaydım və atam-anam məni qoca kişiyə vermək istəyəndə bir söz danışmağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlarca yazılan kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki, dünyaya nədən ötrü gəlmişik. Ey mənim qara bəxtim, doğrudur, frəng qızı olsa idim, öləndən sonra yerim cəhənnəmin dib bucağı olacaq idi; amma çifayda ki, indi də öləndən sonra cənnətə gedib görəcəyəm ki, elə hayana istəyirəm gedəm, hayanda istəyirəm oturam, hər yan və hər tərəf doludur keçəl-küçəl meşədi və kəlbalayılar ilə bitli hacılar ilə və çirkli və tərli çadralı arvadlar ilə, ey mənim qara bəxtim!”. Lağlağı “Molla Nəsrəddin” 1910, №2 * * * Düşmənlər Bizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir: Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar. Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. Bunların çoxu qəzet yazanlarımızdır; amma içlərində tək-tük həkimlər və vəkillər də görükür. Bəzən də heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. Və çünki bunların hamısı bir növ camaata möhtacdırlar, – bu səbəbdən hər bir bicliyi qəbul eləyirlər ki, avama xoş gəlsinlər və bu yol ilə camaatı öz tərəflərinə çəkib nüfuz qazansınlar. Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar. * * * Söz yox ağlamaq lazımdır. Hər kəsdə vətən və millət məhəbbəti olsa, aşura günü çıxar bir uca yerə və müsəlman aləminə tamaşa eləyib, tez yenib gedər evinə və iki əlli başına vura-vura deyər: – Ax, biçarə qardaşlar, ax uzunqulaqlar!.. Amma Allahın heyvanlarının oyunbazlıqlarına etina eləmək və nadan kərbəlayı və məşədilərin vəhşiliklərinə hələ bir növ gedib şərik olmaq – haramzadalıqdır! Molla Nəsrəddinin borcu keçəl qardaşları xəbərdar eləməkdir ki, düşmənlərini tanısınlar. Eşidən eşidər, – eşitməyənin canı cəhənnəmə! Molla Nəsrəddin “Molla Nəsrəddin” 1910, №3 * * * Din Mən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var. Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli min manat verib, rövzəxan Molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On günün ərzində mərsiyəxan cənabları iki yüz əlli söz danışdı: yəni sözün birini bir manata satdı və bu gözəl sözlərin biri də bu idi ki, “Həzrət Abbas təpiyi ilə yüz həştad min qoşun öldürdü…”. Xülasə, bunun sənə və mənə dəxli yoxdur; pul xasayurtluların, rəvayət də Molla Əbdülhüseynin… Amma sənə və mənə dəxli olan budur ki, təzə ərsəyə gələn cavanlarımız Molla Əbdülhüseynlərin rəvayətlərini yada salıb, məsciddən qaçacaqlar. Onda da işlər xarab olacaq. Məsələn, gəl gedək Xoy şəhərində məscidə. Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni məsciddə yerə döşəyib, başlayırlar küftə yeməyə. Cığ-vığ, arvad-uşaq, şəbih, mərsiyə, pişmiş noxud, yer alması, göz-qaş, göz yaşı, baş yarmaq və balaca uşaqların ayaq altında əzilməyi! Bu nədir? Bu ibadətdir. Pəh, pəh, pəh, pəh, pəh! Ay din alan!.. Ay yaponlar, hardasınız, gəlin, gəlin, başınızı yarın! Qorxuram tüfürüb qaçalar. * * * Bizarafat deyirəm ki, hər kəs rastıma gəlir, – hamısını yavaş-yavaş dinə soyumuş görürəm. Niyə və nədən? Günah özümüzdədir. * * * Nə qədər ki, indiyədək Naxçıvanda xan vəfat edib, – onların çoxu verəndə də araq və çaxırsız can verə bilməyiblər. Münacat çəkilən kimi qazılarımız əbalarının qolların geyinib, uşaq kimi qaçıblar ki, xan qapısında rəiyyətlər ilə şaxsey getsinlər və qırx gün təziyədə mücavirlik etsinlər. Amma bu günlərdə həmin Naxçıvanda bir nəfər cavanı dəfn etməyə qazının əmri ilə bir müsəlman da getməyib. Niyə? Mərhum çaxır içərmiş. Budur bizə müsəlmançılığı göstərənlər! Göyçayda zalım oğlu hamamçı Məşədi Nağının gözü Molla Nəsrəddini görür. Di bir gəl Naxçıvana, gəl bir müsəlmanlara da tamaşa elə. Gəl şəriətmədarları gör ki, göz ağrısı görməyəsən. * * * Buxarada da sünnü və şiə alimləri öpüşdülər. Danabaş kəndinin arvadları burada olaydı, deyəydi: ay görüm sizin dodaqlarınız qurusun öpüşdüyünüz yerdə! Avam nə bilir sünnü nədir, şiə nədir? Molla örgədib. Avam nə bilir ki, şiə sünnünün və sünnü şiənin düşmənidi? Molla örgədib. Söz yox ki, əgər əmmaməli qoçularımız bir ay bundan qabaq öpüşsəydilər, – bu qırğın da olmazdı. Amma görsənən budur ki, belə məsləhət imiş… Xülasə, bunun nə sənə və nə mənə dəxli var. Hər kəs istər, aparıb pulunu verib, yolka alıb, bayram saxlar. Amma bizə dəxli olan budur ki, camaatımızın bir hissəsi indidən əcnəbilərin bayramlarını xoşlayıb (nəinki elm və sənətlərini), başlayıblar onlara qarışmağa… Bir tərəfdən də məhərrəmlikdə Təbrizdə aslanlar bəzəyib, Gəncədə övrətləri dəvələrə mindirib və hər yanda hər cür oyunbazlıqlar çıxardıb, dünya və aləmi heyrətə gətiririk. Mən elə qanıram ki, bunların hamısı dinimizin yavaş-yavaş əldən getməyinin əlamətidir. Pənah Allaha!.. Molla Nəsrəddin “Molla Nəsrəddin” 1910, №4 * * * Sədiyə oxşar Yek şəb təəmmüli-əyyam güzəştə mikərdəm və məhərrəmlikdə xərclənən min-min və yüz və yenə on yüz və yüz min manat pulların tələf olacağına təəssüf mixordəm və in əbyati münasibi-hali-xud migüftəm. Məsnəvi Hər dəm əz ömr mirəvəd nəfəsi, Çon nigəh mikünəm, nəmanəd bəsi. Ey ki, min illər ilə dər xabi, Məgər in pənc ruz dəryabi? Məgər bir də belə fürsət ələ düşər ki, durub baxırsan? Hı? Niyə dinmirsən? Deyirsən hökumətin pulu yoxdur? Çox əcəb. Nə qədər pul lazımdır? Bəli, bir neçə milyon. Çox gözəl! Di indi gəl görək, bu məhərrəmlikdə bütün İranda nə qədər pul məsrəf olundu? Bilirəm sən nə deyəcəksən; sən deyəcəksən ki, “pəh! Biz məgər rus millətiyik ki, Minin və Pojarski kimi vətən övladı çıxıb, camaatdan bir günün içində lazım olan məbləği yığıb, məmləkəti təhlükədən qurtarsın? Məgər biz murdar əcnəbi millətlərindənik ki, vətən yolunda pul lazım olanda hər kəs əlindən gələni aparıb atsın vətən dəstmalına, ta ki, ixtiyarımız olsun ucadan söyləməyə: “Biz də vətənimizi istəyirik”… Bəd əz təəmmüli-in məni məsləhət on didəm ki, zəban boridə bekünci nişəstə süm və bəküm. Və vaqeən hər nə danışsaq, deyəcəklər ki, Molla Nəsrəddin dinə sataşır. Vladiqafqazda mollalar öz ciblərinin məsləhəti üçün lotupotunu ağsaqqal seçib göndərir ki, kasıb camaatı soyub, mollalara pul yığsın (Naxçıvan yadıma düşdü). Bəli, biz bu əhvalatı jurnalımızda yazanda mollalar da camaatı öyrədirlər ki, “Molla Nəsrəddin” dinə sataşır”. Zəban dər dəhan, ey xirədmənd, çist? Cavab: lazım olanda dil ağızda bir kiliddir ki, camaatımızın eybini göstərmək vaxtı gələndə hünərimizin xəzinəsini kilidləyib, bir söz danışmırıq ki, camaatı özümüzdən incitməyək. Amma lazım biləndə dilimizi ağızda bir açar hesab edirik və Osmanlıdan gətirdiyimiz qafiyə və ləğəb xəzinəsini açıb, özümüzü meymunlara göstəririk ki, bizə “pəh, pəh!” söyləsinlər. Xülaseyi-kəlam, malekra pəndi-vəziri-naseh müvafiqi təb nəyaməd və buyurdu ki, Molla Nəsrəddinin boynunu vursunlar. Bari pulum da yoxdur ki, verəm “Məzhər” ruznaməsi əksimi sala qəzetinə ki, bari gələcək üçün bir yadigar qala. Qitə Əz söhbəte-dusti berəncəm Kəxlaqe-bədəm hüsn nümayəd. Eybəm hünəro kəmal binəd, Xarəm güli-yasəmən nümayəd. Ku düşməni-şux çeşm, çalak; Ta eybi-məra bemən nümayəd. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 yanvar 1910, №5 * * * Nə vaxt? Ölülər elə bilir ki, dirilər halva yeyir. Nemət Bəsir cənabları (həyə, bu necə addı?!) elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. İrəvanlılar Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada münəzzəm gecə kursları var. Həştərxanlıların məktəbi bağlananda indi yəqin deyirlər ki, “Ax kaş biz tiflisli olaydıq ki, uşaqlarımız müfti və şeyxülislam şkolalarında elm (eyib olmasın) təhsil eləyəydilər”. Şamaxılılar indi öz yanlarında, söz yox, həmşəhərliləri olan Hacı Seyid Məhəmməd Ağadan çox-çox narazıdırlar ki, onları atıb, gedib əyləşib Aşqabadda və çıraq öz dibinə işıq salmayan kimi, bu nainsaf, hər nə ki, əlindən gəlir, aşqabadlılara eləyir (və müzayiqə də ki, yoxdur: hava qaranlıq, su da lil! Hər nə bilirsən elə. Keçəl-küçələ Allah bərəkət versin!). Xülasə, müxtəsər danışaq. Nə vaxt oxuyaq, elm və fənn dalicə gedək? Nə vaxt ticarət və sənətə məşğul olaq və nə vaxt əhli-əyalımızın istirahəti üçün pul qazanmağa fürsət tapaq? Hələ bunlar qalsın kənarda. Nə vaxt uşaqlarımız dərs oxusun? Hamı bunu bilir ki, yay fəsli üç ay məktəblər bağlıdır. Yaydan sonra payız fəsli daxil olur: hava sərin, uşaqlar gəzib dinclərini alıb və həvəs ilə özlərini verirlər dərsə. Birdən gözlərini açıb görürlər, paha…orucluq gəldi! Bəli, nimeyi-şəbandan eydi-fitrə kimi və hələ bir neçə gün də sonra, uşaqlar ibadətə məşğuldurlar (allah-taala qəbul eləsin). Rəməzan gəldi keçdi, indi də rusların il axırı və rojdestvo bayramı gəlir. Bir tərəfdən də qurban bayramı. Bunların hamısını bir-birinin üstünə qoyanda tamam ay yarım tətil eləyir. Maşallah hər yandan qazanırıq. Həmi öz bayramımız, həmi xaçpərəstlərin bayramı. Bəli, bunlar da keçdi. Sonra məhərrəmlik gəlir. Dəxi bunu hamı bilir ki, zilhiccənin iyirmisindən “şaxsey” başlanır, ərbəində də ancaq müsəlmanlar ayılır. Aşura günü müqəddəslərimiz başlarını yarırlar, aşuradan da ərbəinə kimi gah ağlayırlar, gah da Aşqabadda Hacı Zeynalabdın Tağıyevin doqquz tay manufaktur malını oğurlayırlar. Axırda qaradovoylar gedib, baş yaran müqəddəslərimizin evində qana batmış pak və təbərrük ağ köynəyin yanından oğurluq malı tapıb, mübarək başların sahiblərini aparıb doldururlar rus həbsxanasına. Bu da belə. Sonra da ki, təziyələr və ehsanlar başlanır. Bir az da keçir, yay fəsli daxil olur və məktəblər bağlanır. Məhərrəmlik Bakıda “Nicat” cəmiyyətinin gecə dərslərinin üox olmağına bais oldu. Amma zarafat qalsın kənarda, – bu günlərdə Bakıda bir həkim peyda olub, naxoşları isti təndirə soxub sağaldır. Bir naxoş övrəti haman həkim soxmuşdu təndirə, amma övrəti buxar vurur, yıxır odun üstünə. Övrət az qalmışdı ki, qovrulsun, kabab olsun, qonşular gəlib həkimin müalicəsini yarımçıq qoyub. Bu da sənə həkim! Dəxi çox da özündən demə. İndi “Nicat” cəmiyyətindən xahiş edirəm mənə cavab versin görək, kimdən ötrü istəyir kitablar çap edib dağıtsın? Və nə vaxt müsəlmanlar fürsət tapacaqlar ki, göz yaşlarını ətəkləri ilə silib, o kitabları oxusunlar? Keçən il şeyxülislam məktəbinin uşaqları məhərrəmdə iki ay sinə vurublar, bu il də müfti şkolasının şagirdləri qurban bayramını iki ay bayram saxladılar. Allah cəmi mömün balaların imanını kamil eləsin! Bəs nə vaxt işimizə məşğul olacağıq? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 fevral 1910, №6 * * * Nəcasət Axtılı Hacı Əbdürrəhman əfəndi “Əsasüddin vəl iman” adında bir kitab yazıb, “Səda”nın da “Bir nəfər”i bu kitabı açıb görsün ki, bu fazil iqtisad və siyasət məsələlərini necə şərh etmiş. Və kitabı açan kimi “Bir nəfərin” gözünə “babül-hədis və fəslün fi adabül-xəla və babülğüsl və babül-heyz” sözləri sataşıb. Biçarə utandığından kitabı büküb qoyub kənara. * * * Hacı Əbdürrəhim əfəndi kimdir? Heç bir kəs! Bir naməlum molla. Amma Fazili-Məclisi kimdir? Neçə milyon məşədi və hacıların Allahı. Və mən həmişə Fazili- Məclisinin kitabını açan kimi və “adabi-cima” səhifələrini görən kimi xəcalət çəkib xəlvətcə kitabı gizlətmişəm ki, həyalı adamların gözünə sataşmasın. Bu, Fazili-Məclisi. Dəxi kimdir neçə milyon dindar müsəlmanın Allahı? Hacı Mirzə Məhəmməd Həsən Şirazi. Ağanın “Məcmüəl-məsail” kitabını insan oxuyub utanmasa, – əlbəttə bihəyadır! Odur ki, mənim qoca anam küçəyə çıxıb qonşu evinə getmək istəyəndə mən həmişə yalvarıram ki, “ay ana, sən Allah, elə bir yol ilə get ki, rastına müsəlman kişisi, ya müsəlman uşağı çıxmasın”; çünki Fazili Məclisi və Məhəmməd Həsən Şirazinin kitabları camaatımızı biabır eləyib və bu ağaların bərəkətindəndir ki, mən dünyada müsəlmanlardan biədəb millət yer üzündə nişan verə bilmərəm. * * * Budur babün-nəcasət! Vilayətimiz, küçələrimiz, həyətlərimiz və uşaqlarımız “babün-nəcasət” ilə nəcisləniblər. Və çünki pak edən şeylərin biri də oddur, bu yuxarıda ad verdiyimiz vərəqləri yandırmasaq, nəcisi də rədd edə bilməyəcəyik. Çarəsi oddur. Bəli, mətləbdən uzaq düşdük. Petrovskidə Molla Qivam axundu şəhərdən qovalamaqdan söz düşmüşdü. Bəli, zəmani ki, bu zəhrimar qəzet və jurnallar başladı yer üzünə dağılmağa, Allah-taaladan Nuh peyğəmbərə vəhy nazil oldu ki, gəmisini hazır eləsin və tək bircə Məşədi Əbdülbağı Ələkbərovdan savayı cəmi mömün bəndələri götürsün gəmiyə. Səbəbi də bu idi ki, Allahın yolundan çıxan Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun Molla Qivama… Xülasə, ravi belə rəvayət edir ki… (mabədi var). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 fevral 1910, №7 * * * Qatmaqarışıq Bilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır? Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”. Yəni kaş məndən hökumət məscidin zərərini almasın, ondan sonra dəxi mən heç bir şeydən qorxmuram. Bu İrəvan, o da Gədəbəy. Gədəbəydə yenə bircə nəfər tapıldı ki, Şeyx Cəlildən Molla Nəsrəddinə şikayət yazdı, amma irəvanlılar üçün təfavütü yoxdur. Gədəbəy dedim, bir əhvalat yadıma düşdü: Məhərrəmlikdə burada təziyə məclisində hacı Əsəd baladan küsüb qoyub gedib evinə, sonra camaat növhə deyə-deyə və sinə vura-vura gedib hacını yalvarıbyaxarıb yenə gətiriblər məscidə. Qərəz, Allah rast saldı ki, hacı yenə təşrif gətirdi. Yoxsa yazıq gədəbəylilərin yası ikiqat olacaq idi, necə ki, Təbrizdə bu il iki aşura olub: biri məhərrəmin onunda, biri də on səkkizində, yəni Molla Nəsrəddinin nömrəsi Təbrizə çatanda. Çünki haman nömrədə Əncümənin bitli sədrinə və üzvlərinə sataşmışdıq. Allah axırını xeyir eləsin. Dəli “Molla Nəsrəddin”, 14 fevral 1910, №7 * * * Bais Bais, evin yıxılsın. Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”. Nuxu naçalniki Məhəmməd ağanın evi yəqin ki, bir gündə dağılacaq. A qardaş, naçalniksən, başını sal aşağı, qeyri naçalniklər kimi səhər dur get divanxanaya, kağızlara qol çək, saat birdə çıxart saatı bax və şaşkanı bucaqdan götür partupesini keçirt çiyinlərinin altına, çıx qoy get evinə. Yoxsa bu nədir başlamısan ki, “mən gərək oğruları və quldurları çörəkdən salam”. Vallah, baiskarlıq yaxşı şey deyil, vallah, Fatma xalanın qarğışından qorx və bu işləri səhl sayma. Bu qədər sənin barəndə verilən danoslar, bu qədər şpiyonluqlar hamısı öz tutduğun əməllərin nəticəsidir. Yoxsa bu işlər zarafat deyil, hər birinin bir səbəbi var. Və bir də bunu da nəzərə al ki, sən müsəlman içinə düşmüsən, gərək öz baxtından küsəsən. Cırcırama “Molla Nəsrəddin”, 14 fevral 1910, №7 * * * Şeyx Məhəmməd Lənətullah əla qövməzzalimin Gecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar. Bu bir “primer”dir ki, təmsil üçün məsəl gətirdik ki, məsələn, Təbriz şəhərində, necə ki, uşaqlıqda birimiz çıxardıq bir daşın üstə və daşa söylərdik ki, “Ay daş, yeri”, o vədə o biri yoldaşımız daşın üstə çıxan uşağa deyərdi: Eşşək qulaq, qaban baş, heç görmüsən yeriyə daş? Yəni bu sözləri Təbriz dilinə tərcümə edəndə mənası bu olur ki, yastı qulaq, qırxıq baş, heç görmüsən ki, Mirzə Hüseyn kimi “vaiz” Əncümən üzvü ola? Yəni görmüsən ki, Seyid Mühəqqəq kimi baqqal Əncümən rəisi ola? Bəli, keçək mətləbə. Polojim ki, sən vaizsən, iki osyolun arpasını razdelit eləməyi bilməyə-bilməyə sən məhkəmədə sübuta yetirdin ki, Seyid Hüseyn gərək qətlə yetişə, potomu çto arvadların azadlığı yolunda məqalə yazıb. Söz yox, əgər zibaği-rəiyyət məlik iskuşaye sibi o vədə hakimabad məhəlləsində də Şeyx Məhəmməd kimi ayıb olmasın (İbrahim bəy demiş kimi) axundlar da deyəcəklər ki, gərək bəhayi tayfasının uşaqların öldürmək necə ki, bir qədər vaxt bunda müddət haman Şeyx Məhəmməd bir bəhayinin övrətini ərindən zornan alandan sonra hələ hökm də eləyib ki, övrətini təzə boğduğu uşağı boğsunlar. Eşşək qulaq qaban baş, heç görmüsən ki, günahsız uşağı öldürələr? Heç İspaniyada katolik “axundların”ın inkvizis zamanında belə vəhşiliklərə qol qoyardılar? Şeyx Məhəmməd Təbrizi, pəh, pəh, pəh! Seyid Məhəmməd Şirvani, pəh, pəh, pəh! Adınız sizə qənim olsun, başınıza kül! Sizi görüm Şirvanlı hacı Əbdürrəhim əfəndi hacı Molla Abdullazadənin xeyirduasından məhrum olasınız. Bari pərvərdigara sən bunların heç birinə axirətdə huri və qılmanların dırnağını da vermə. Ax, proklyatıy çeloveklər! Dəli “Molla Nəsrəddin” 21 fevral 1910, №8 * * * Mənfəət Molla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz. Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun). Bəli, seçkiyə bir-iki gün qalmış intixaba durmaq fikrində olanlar düşdülər bazara və başladılar camaat içində danışmağa ki, Molla Nəsrəddin dinə sataşıb. Əlbəttə ki, bir-iki günün içində bu çığır-bağır salan adamlar o qədər hörmət qazandılar, elə bil ki, İranı düşmənlərdən mühafizət etdilər. Bir-iki gündən də sonra seçki əmələ gəldi və Molla Nəsrəddini əldə dolandırıb lənət oxuyanların hamısı Əncümənə üzv seçildilər. Tiflis baqqallarından sonra islam dinini müdafiə edənlərin bir neçəsi də Vladiqafqazda tapılıb. Bunların da bicliklərini sonra xəbər tutub yazarıq. Sözümüz orasındadır ki, Molla Nəsrəddin islam aləminə hədsiz zərəri ola-ola, hərdənbir bəzi şarlatan qardaşlara mənfəəti də olur. Cırcırama “Molla Nəsrəddin”, 28 fevral 1910, №9 * * * İrs İrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”. İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”. Allah cəmi vəfat edib gedən atalara rəhmət eləsin! Amma söz burasındadır ki, lazımdır atalara təfavüt qoymaq: bəzi atalar ki, övladlarının fikrinə qalırlar, – bunlara bir cür rəhmət oxumaq lazımdır; bəzi atalar da ki, deyirlər: “Övladın canı cəhənnəmə!” –bunlara da bir cür rəhmət oxumaq lazımdır. Amma təfavüt gərək olsun. Bu məsələyə, necə ki, lazımdır, diqqət eləmirik. İranlılar yapışıblar Molla Nəsrəddinin yaxasından və elə bilirlər ki, Molla Nəsrəddin olmasa idi ingilis hökuməti İrana bac verəcək idi; ta demirlər ki, xeyr, baba, vallah, tallah, belə deyil. İran çoxdan satılıb. Əgər hirsiniz cuşə gəlib, axtarın mərhumların qəbirlərini tapın və bir balaca daş yerdən götürün, durun qəbrin baş daşının üstündə və səkkiz dəfə tıqqıldadıb Hafizin bu şeirini Bayatı-Şiraz havası ilə oxuyun. Dərdü qəm on kəsi ki, mərdi-üqul, Nə berahü nə şiveyi, nə üdul. Bamədadan ki, mah həfti-həsar Nə zəli, tısbağa, çalar səni mar. Yəni ey rəhmətliklər, siz ki, burada qəbrin dəriçəsindən indi huri və qılmanlar ilə zəbərcəd danələrini sayırsınız, nə rəvadır ki, borc sahibləri bizi vətəndən çıxardalar? Allah izə “rəhmət” eləsin. * * * Hünər hünər üçündür, hünər bir Allah üçündür. Bir də o kəs üçündür ki, İranı satan atalarımızın qəbrini nişan verə. Vallah, bir az fikir eləmək lazımdır. Biz Məhəmməd Əlidən inciyirik ki, niyə Təbrizdə göyçək uşaqlara qara geydirib, məhərrəmlikdə göndərdi məscidə ki, şam yandırıb düzsünlər taxçalara; məgər məscid mütrüb yeridir? Yox, yox, Məhəmməd Əlidən nahaq yerə inciyirik: vətən çoxdan satılmışdır və Məhəmməd Əli olmasaydı, Napalyon gələydi, – bir çarə tapa bilməyəcək idi. İndi heç bir şey qalmayıb, məgər ki, adam olaq və papağımızı qabağımıza qoyub, görək kimdir iranlıları yetim qoyanlar? İranı əcnəbilərə satan o kəslərdir ki, biz onlara həmişə rəhmət oxuyuruq. Bir tərəfdən padşahlar məmləkəti xərcləməyə məşğul olublar, bir tərəfdən də “üləmayi-giram”ımız “şəri” məsələlərlə bütün ömrümüzü məşğul edib, dünyamızı əlimizdən alıblar və ancaq behiştə daxil olmağa nisyə bilet veriblər. Bunlar da keçə, ya keçməyə. Allahü ələm. Təmsil üçün götürək Buxara şəhərini. Elə bil ki, bura bir İrandır, məsələn, Əmir həzrətləri bir saatlığa İran padşahı, məsələn, Nəsrəddin ya Müzəffərəddin şah. Bəli, indi gələk üləmaya: əlşeyxəl Fazil əl müfti molla Əbdürrəzaq şah həzrət cənab aliləri də olsun Nəcəfüləşrəf müctəhidimiz. İndi mən müsəlman qəzetlərindən bircə bunu soruşacağam (amma, mən ölüm, insafla cavab verin): Sual: Nəsrəddinlər, müzəffərəddinlər vətəni yavaş-yavaş torqa qoyanda nə vaxt üləmamız tərəfindən avam camaata işarə olundu ki, “ey yazıqlar, huşyar olun! Vətən əldən gedir”? Həmçinin Büxara üləması. Müsəlmanlar elə hər yerdə bir cürdür. * * * Mən sözümü qurtarıram. Məşədi qardaşlar mənə güllə yağdırınca yaxşı olardı ki, bir yarım saat mənim xatirim üçün fikrə gedəydilər; yoxsa Rüstəm pəhlivan kimi qollarını çirməyib, düşürlər meydana və qoca Molla Nəsrəddini davaya çağırıb meydan sulayırlar, – necə ki, “Şahnamə”də də yazılıb: Mənəm pəhlivan, eylərəm nərə, mən, Nə Cavid şair, çərən, ya pərən. Bu laməzhəbin, Mollanın jurnalı, Vurun, öldürün, ay gədə, Səbzalı! Sağlıq olsa yenə danışarıq. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 mart 1910, №10 * * * Novruz Ax, gözəl bayram, ax gözəl novruz! Ax, min-min balaca uşaqların qəlblərini şad edən novruz! Vəqti bəharəst xiz, ta betamaşa rəvim. Dur gedək tamaşaya, bax gör nə gözəl bayramdır: qəzetlər yarpaq kimi göyəriblər. Tiflisdə Şeytanbazar müsəlmanları baydaqların ucuna alma və partaxal taxıb və özləri də tumanlarını çirməyib düşüblər küçələrə və Təbriz dilənçiləri təki ağaların qapılarına gedib mübarəkbadlıq edirlər. Amma bunu unudurlar ki, bura Tiflisdir, belə şeylər Təbrizdə olar; orada belə hərəkətlər insanı utandırmaz, amma Tiflisdə adam xəcalət çəkər. Həmə ruzi ma bəxti firuz bad. Allah cəmi müsəlman qardaşların bayramını mübarək eləsin, xüsusən xudayi-taala Mirzə Əli ağanın vücudunu bibəla eləsin ki, Bakıda “İttihad” mədrəsəsinin şagirdlərinin döşünə medalları düzüb ötürüb Bakının küçələrinə. Bakı “cahil”ləri görəndə “oxqay” deyirlər, amma əcnəbi millətlər də görüb ürəklərində deyirlər “nesçastnıy narod” (hər çənd ki, əcnəbilər anlamırlar). Ax, gözəl bayram, qəlbləri şad edən bayram, İran aclarını tox edən bayram! Sən olmasaydın, dövlətli İran tacirləri və dövlətli İran xanları bayram günləri bu qədər pul yığıb İran aclarına göndərməyəcək idilər. Girəm ki, yaxşı elədilər yığmadılar, Allah atalarına rəhmət eləsin; əgər yığsaydılar, İran aclarından qabaq pulların hamısını özləri yeyəcəkdilər. Allah cəmi müsəlman qardaşların bayramını mübarək eləsin! Allah əncümən üzvü Məşədi Abbası Bakı iranlılarına çox görməsin! Vallah mən ki, utanıram!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 mart 1910, №11 * * * Keçi “Xah, beca, xah bica, xah imruz, xah fərda hər nöqteyi-Asiya ki, əmniyyəti-mali və cani nist, məhali-əql əst ki, beydəqi-Frəngistan bər on nöqtə nəsb nəşəvəd”. Mirzə Məlküm xan – “Üsuli-təməddün”. Elm təhsil eləmiş, Osmanlıdan gəlmiş bir cavan, təcrübəli müəllim, məşhur ədib və sahibqələm, abırlı və qeyrətli bir vətənpərəst, – ki, adı olsun Əhməd Kamal, – Bakının Balaxanısında başını salıb aşağa, uşaqlara dərs deyir. Dəxi nə istəyirsən? Camaat razı, şagirdlər razı, məktəb sahibi razı, Allah razı. Pəh, pəh! Elə bu? Maşallah, maşallah! Hələ utanmır, tərif də eləyir! Nə bilim “sahibqələm, vətənpərəst!”. Zəhrimar olsun onun qələmi, cəhənnəm olsun onun “pərəsti!”. Bunlar mənim qulağıma girməz. Mənə əməl lazımdır, əməl, əməl! Bir müəllim ki, nə libası ilə, nə ibadəti ilə öz müsəlmançılığını büruzə vermir, – dəxi bizə belə müəllim lazım deyil. Dua eləsin ki, bura Rusiya dövlətidir; İran olsaydı, onun öhdəsindən yaxşı gələrdik. Budur, iranlıların Əhməd Kamaldan şikayəti və doğrudan da, dua eləsin ki, Balaxanı Rusiya qanunlarının altındadır. Əgər xudanəkərdə, bura məsələn, İsfahan olsaydı, Əhməd Kamala kağız yazan iranlılar dinməz-söyləməz onu küçədə tutub ya daş-qalaq eləyəcək idilər, ya aparacaq idilər hakimi-şərin yanına, o da fitva verəcək idi ki, laməzhəbin gözlərini çıxartsınlar. * * * Amma Allah rast salıb ki, İranda hər dərdə dərman tapılır. Əgər İsfahanda birisi kor ola və gedə orada məşhur “Səqqaxaneyi-büzi” ziyarət edə, haman saat gözləri açılar. Bu haman səqqaxanadır ki, neçə il bundan əqdəm qoyun sürüsündən bir keçi ayrılıb, gəlib bu səqqaxanaya. Mücavir keçini tutub, camaata xəbər verib ki, bu keçi müqəddəsdir və bəstə oturub. Xalq tökülüb gəlib keçini o qədər öpüb və “noğul” yedirdib ki, bir-iki gündən sonra keçi mərhum oldu, amma buynuzlarını gümüşə tutub asdılar səqqaxanadan; hər ziyarətə gələn səcdə eləyir. Əgər bir kəs İsfahanda cürət edib deyə ki, “Mənim bu ziyarətgaha etiqadım yoxdur”, – onun atasını yandırarlar. Budur, əzizim, bizim işlərimiz!.. Biz eşidəndə ki, ingilis hökuməti istəyir İsfahanı sahiblənsin, təəccüb edirik və rəncidə oluruq və küsürük və deyinirik və yalandan qüssə edirik və doğrudan atılıb düşürük. Amma heç ayna qabağında durub İsfahan papaqlarımıza baxmırıq, baxanda da gülmürük, güləndə də ağlamırıq. Ağlayanda o qədər ağlayırıq ki, məhərrəmdən başlamış Bakının “İttihad” mədrəsəsində novruz bayramına kimi ağlayırıq. O qədər ağlayırıq ki, bəsirət gözlərimiz tutulur. Bir salavat göndər, bir əhvalat da nağıl edim. (Mabədi var). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 mart 1910, №12 * * * Əmali-mahi-rəməzan 1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu: “Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”. Cəmaət axundun sözlərini eşidib bərk yuxuya getmişdi; doğrusu, mən bir az başa düşmədim, çünki avam adamam, savadım-zadım yoxdur və çox istəyirəm ki, axund fərmayiş etdiyi sözləri başa düşüm; bəs nə eləyim? Xülasə, qaldım məəttəl. * * * Bir qədər dayandım, gördüm ki, Axund Molla İsmayıl məsciddən çıxıb gedir evinə. Öz-özümə belə fikir elədim, “Vallah, nə qədər ağanın dərin mənalı moizəsinə qulaq assam, bir şey qanmayacağam, yaxşısı budur ki, xəlvətcə ağanın dalınca gedim, gizlincə girim ağanın həyətinə, bəlkə bir qaranlıq bucaqdan mısıb qulaq verəm və baxıb görəm ki, rəməzanın gecəsini axund özü necə keçirdir və nə tövr ibadət edir ki, mənə də dərs olsun. Elə necə ki, xəyalımda qoymuşdum ki, elə də oldu: ağanın dalınca yavaşca küçə qapısından girib özümü verdim armud ağacının dalına. Ağa girdi otağa, on-on beş dəqiqədən sonra azan deyildi: “Bismillahi rəhmanir-rəhim. Hər ke dər vəqti-iftar in duara bexanəd, xuda əta künəd bəy səvab hər kəsira ki dər in ruz ruzə daştəəst…”. Axund Molla İsmayıl duanı oxudu ki, cəmi oruc tutanların səvabını alıb ona versinlər. Müxtəsər, bir-iki saat keçdi. Amma hava soyuq idi, bərk üşüyürdüm. Bir qədər də keçəndən sonra gördüm ki, axund molla İsmayıl əbasını örtüb çıxır küçəyə. Mən də onun dalınca çıxdım ki, rəməzan gecəsinin əmalını təkmil öyrənim. Axund gedir, mən gedirəm. Bir böyük imarətin qapısına yetişib axund girdi içəri, mən də istədim girəm, qapıda duran xidmətçilər qoymadılar. Məlum oldu ki, bura qubernator Lotsayovun evi imiş. Qulluqçuların hərəsində on dörd şahı üç qəpik rüşvət verdim, soxuldum həyətə və akoşkadan gördüm ki, Axund Molla İsmayıl Həsənzadə həzrətləri qubernatorun otağında əyləşib çay içir və qubernatora bu sözləri deyir: “Qubernat sağ olsun, mənim nə qədər ki, canım sağdır, hökumətə ixlas ilə qulluq edəcəyəm. Və əvvələn bunu lazım bilirəm cənab qubernata ərz edim ki, bizim Gəncə müsəlmanları dövlətimiz əleyhində bir para pis fikirdədirlər və hətta çoxluca pul yığıb Osmanlıya, Nəcəfə və Əfqanıstana göndəriblər və Məhəmməd əfəndinin təht-idarəsində olan “Məktəbi-xeyriyyəni” də o qəsdlə açıblar ki, gələcəkdə öz bəd fikirlərini layiqincə əmələ gətirə bilsinlər”. * * * A başınıza dönüm, mən bir qərib adamam, özüm də qorxaq. Qubernat bu sözləri eşitcək xidmətçilərindən birini çağırıb bilmirəm nə dedisə, bir də gördüm ki, deyəsən dünya və aləm bir-birinə dəydi. Sonra məlum oldu ki, haman gecə qəflətən qoşun tökülüb məscidi əhatə edib, cəmi tələbələri heyvan kimi doldurub odun anbarına və məscidi axtarandan sonra nə ki, quran-kitab var idi, meşoklara doldurub saldatlar aldılar dallarına və götürüb apardılar. İyirmi dörd evin uşaqları bisahib qaldı və neçə-neçə övrət-uşaq qorxudan tələf oldu. Sabahısı günü məktəbi-xeyriyyəni də hökumət bağladı. Əgər bu məktəb xudanəkərdə yaşasaydı, indiyədək buradan beş yüz müəllim çıxmışdı. * * * Gəncədə məscid axtarılandan sonra və “Məktəbi-xeyriyyə” bağlanandani sonra camaatın qorxusundan hacı Molla İsmayıl dəxi Gəncədə baş saxlaya bilmədi, çünki bir tərəfdən yoldaşı Atakişi baş götürüb qaçdı, bir tərəfdən də qayınatası Hacı Seyid Bağır Xorasanda idi, buna da əli çatmadı. Odur ki, Axund Molla İsmayıl – danosçuların padşahı – əlacsız qalıb günlərin bir günü xəlvətcə Gəncədən baş götürüb qaçır Vladiqafqaza. İndi mən də müsəlman qardaşları and verirəm Baği-şimal müctəhidi hacı molla Barat axundun “Həblül-mətin” müdiri Müəyyüdilislam barəsində olan əqidəsinə ki, mənim bu sualıma Orbenburqda çıxan “Din və meşə” jurnalında cavab versinlər ki, aya, yer üzündə bir tayfa tapıla bilərmi ki, Molla İsmayıl Həsənzadə kimi din və millət xainini öz içinə qəbul eləyib öz əli ilə başını açsın tutsun bu dəlləyin qabağına və desin: “Qırx başımı?”. * * * Bəradərim, düz yol birdir: əgər haqqı axtarırsan, götür yaz gəncəlilərdən xəbər al gör, düzdürmü biz yazdıqlarımız, ya yalandır. Əgər doğru olsa, – bizə iman gətir, əgər yalan olsa, dəxi niyə ürəyini sıxırsan: bizi ki, kafir qələminə verirsiniz. Biçarə iranlı oxucularımız! Bu behişt əhlləri bir yer tapa bilmirlər ki, orada “kafirə” rast gəlməsinlər; Əhməd Kamal da hələ bu tərəfdən çıxdı. Yazıqlar. Lağlağı “Molla Nəsrəddin”, 21 mart 1910, №12 * * * Paklar “Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”. Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur. Yenə “Tənin” deyir: “Əhvali-ruh üləması bir adamın qəlbini, ruhunu, mahiyyətini anlamaq üçün onun iqamətgahını görmək pək müfid olduğunu söylərlər. Bir millətin qabiliyyət və mənəviyyatını anlamaq üçün şəhərlərini görmək və şəhərlərinə görə haqqında hökm vermək icab etsə, əcəba bitərəf müşahidlərin nəzəri-imtahanına nə yüzlə çıqacağız? Bütün dünyanın müsəlmanlarının ən şərif, ən müqəddəs bir ziyarətgahı olan mübarək şəhərləri oylə ədəmi-nəzafət içində buraxırsaq, bizə nə deyərlər? Nə desələr haqları olmaz?..”. Bu sözlərin mənası budur ki, yer üzünün cəmi müsəlmanlarının ən müqəddəs bir ziyarətgahı bu tövr çirk içində qalıb ətrafı üfunətləndirəndə, gör elədə bu millətin evi, həyəti, küçəsi və hətta məscidi nə halda olmalıdır? Biz öz tərəfimizdən bunu ərz edə bilərik ki, cənab “Tənin” hələ uşaqdır və Məkkədən, Mədinədən belə xəbərlər eşidəndə çox təəccüb eləyir və bir az da hirslənir, amma bunu bilmir ki, dünyada hər yanda, hər məmləkətdə ki, bir müsəlman şəhəri var, ora bir zibilxanadır. Mən mərc gələrəm və gözü bağlı bir şəhərə, ya kəndə daxil olanda bilərəm ki, burada yaşayanlar “pak” müsəlmanlardır, ya murdar rus, gürcü və ermənilər. Qoxu gələndə bilərəm ki, bura müsəlman məkanıdır və gözümü açıb görərəm ki, hər divarın dalında övrət-uşağın qabağında əlində aftaba bir qırmızısaqqal əyləşib. Bura müsəlman vilayətidir. * * * “Tənin” indi dediyi söz həmin sözdür ki, biz 7-ci nömrədə “Nəcasət” məqaləsində demişdik. Biz o vaxt yazmışdıq ki, küçə və bazarımız qoxur; indi də “Tənin” deyir ki: “hətta ən şərif bir ziyarətgahımız olan mübarək şəhərlərimiz qoxur”. Amma yazıq “Tənin”in hələ Məşhədi-müqəddəsdən xəbəri yoxdur. Ax, biçarə! Bir gəl səni aparım Xorasana, orada gör nələr var. Götür qələmi yaz! Əvvəl başdan yaz ki, “ay türk qardaşlar, gəldim çıxdım Məşhədi-müqəddəsə və maşallah, buraları təmiz işıq, pak və tərəqqinin ən yuxarısında gördüm və buna da səbəb müctəhid Mirzə İbrahim Kosadır”. O vədə mən deyəcəyəm ki, “yox, səhv edirsən, o deyil, Fazili- Səbzəvaridir”. Birdən baxıb görəcəksən ki, birisi sol tərəfdən çıxıb deyir ki, “xeyr, Xorasanın abadlığına bais – mənəm!” A gədə, bu kimdir? Bu da Hacı Mirzə Məhəmməd Sərabidir. Bəli ağa, əfv elə, qanmamışam, bağışla. Amma bir az keçəcək, sağ tərəfdən biri çıxacaq və deyəcək ki, “Xorasanı Frəngistana yetirən mənəm!”. A gədə, bu kimdir? Bu da Ağayi-Seyid Əli Sistanidir ki, Kəlatda əyləşir. Xub, günahımızdan keç, bir qələtdi elədik: bundan sonra təklifimizi bilərik. – Pəh, baba, bəs məni niyə yazmırsınız ki, mən olmasaydım, indi əcnəbilərin əsgərləri tökülmüşdü vətənimizə. – Bəli, ağa, bağışla, sən kimsən? – Mən də Türbətli Ağa Şeyx Hüseynəm. – Xub, nə eybi var, səni də yazarıq. Xülasə, elə ki qələmi götürdün əlinə və bir şəhərə daxil oldun və istədin biləsən ki, qoxu hansı tərəfdən və haradan gəlir, o vaxt Tiflisdə həftədə bir dəfə çıxıb müsəlmanları güldürən “Molla Nəsrəddin”ə bir kağız yazasan və saniyən əgər əhvalatın tərəfra xastə başid, məruzizəmir-münir-cənab ali budə midarəd ki, lillahil-həmd vəlminnə… Bəndə dəxi bilmirəm nə deyim; ancaq bunu deyə bilərəm ki, işlər xarabdır!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 aprel 1910, №13 * * * Nadirül-vücud Bu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar. İnna lillahi və inna ileyhi raciun. Öləcəklər padşahlar, öləcəklər gədalar, öləcəklər abidlər, öləcəklər kafirlər və lakin zamani ki, başmaqlar gəldi ortalığa və mizantərəzi quruldu, – o vədə mən sənin kefini xəbər alacağam. Əzizim, indi sənnən işim yoxdur, indi dövran sənindir; ye, iç, otur ali imarətdə! Amma görərəm, görərəm, halını görərəm, bəradərim! Bunu bil ki, o vədə peşimanlıq bir səmərə bağışlamaz, necə ki, vaizişəhir buyurublar: Cəhd kon dil zində gərdəd, tən çe arayi bezər? Mürdəra sudi nədarəd guri pür nəqşü nigar. Amma mən yenə başa düşmədim ki, bu yavuqları vəfat edən bir vücudun barəsində niyə o qədər çığır-bağır saldılar. Mərhumun adını qəzetlərin birində qoymuşdular: “Nadirül-vücud”. Lüğəti açıb baxdım, gördüm “nadirül-vücud” o şəxsə deyirlər ki, millət yolunda heç bir əlahiddə səy və qeyrət göstərməyə və “bir kəs məndən inciməsin” – deyib ömrünün əvvəlindən axırınadək çalışmalı yerdə, rahat otura evində və öləndə də Qafqaza elə şöhrət sala ki, xalq onu doğrudan da millət mücahidi hesab edə. * * * Nadirül-vücud bu imiş. Mərhumun ruhundan üzr istəyib və qohum-əqrəbasına sərsəlaməti deyib keçək mətləbə. Mən belə görürəm ki, camaatımızın içində mollaları çıxandan sonra, tərəqqi və maarifimizi təxirə salan haman ağayi-möhtərəmlərdir ki, bu yavıqlarda vəfat elən “nadirül-vücuda” oxşayırlar. Avam camaat nə qanır? O da baxır əvvəl mollalarına və seyidlərinə, görür ki, Seyid Məhəmməd Şirvani çıxıb minbər üstə və deyir: bir gün Musa Allah-taala dərgahından istida elədi ki, cəmi qəzet yazanların barmaqlarını şil eləsin. Bir gün gözlədi, Allahdan cavab gəlmədi, iki gün gözlədi, Allahdan cavab gəlmədi, axırı Musa əleyhüssəlam səbr edə bilməyib, başlayıb Aşqabadın küçələrini gəzməyə ki, zehni bir az açılsın və Yaşkanın padvalının bacasından baxıb görüb ki, Seyid Məhəmməd Şirvani əyləşib, qabağında bastırma kabab və bir uzun ərizə və o ərizədə yazılıb ki, flan qəzet yazan-kafirdir; ondan ötrü ki, dinə sataşır, Molla İsmayıla sataşır, Seyid Məhəmmədə sataşır. * * * Əgər Aşqabadda Seyid Məhəmməd Şirvani bir belə qonaqlıq tərtib edə, əvvəl-qabaqca bastırma kababını yeyib haman təkfir ərizəsinə qol qoyanlar olacaqlar Aşqabadın “nadirül-vücud” ağaları, ondan sonra: Molla Xoruzullah, Molla Müseyyib, Molla Heydər Quliyev, Hüseyn Zal, Ömər Xoca, Kərbəlayı İbad qəssab, Hacı Əbduləli hamamcı və cəmi behiştə gedənlər. Bunun səbəbi nədir? Səbəbi budur ki, bu vücudlar əgər istəsələr Seyid Məhəmməd Şirvaninin xilafına getməyə, o da avam camaatı başına yığıb bunları kafir qələmə verəcək ki, nüfuzdan düşsünlər. “Dəxi nə işim var, qoy canı çıxsın, kaş mən rahat olum”. Vladiqafqazda hətta “ədib”lərimiz Molla İsmayılın səsini eşidəndə siçan dəliyini satın alıb konsulxanalarda gizlənirlər. Söz yox, axırda bu ağaların adını millət mücahidi qoyacağıq ki, bu, ədəbli dolanıb və hicab məsələsi barəsində mollalara “bəli, bəli” deyib.Amma bunu lazımdır nəzərə almaq ki, məsələn, Gəncədə, yəni müsəlmanların Oksfordunda bu qədər oxumuşların varlığı ilə heç bir kişi öz övrətilə cürət eləyib küçəyə çıxa bilməz: məsələn, Molla İsmayıl Həsənzadə kimi bir molla, məhərrəmdə minbərdə qaradovoya dua eləyəndə bir “millətpərəst” haman mollaya bir söz demir ki, “mollalar və camaat məndən inciməsin”… Lənət şeytana! “Nadirül-vücud”un mənası bizim lüğətdə bu idi ki, ərz olundu. Əgər özgə bir mənası da var, - qoy bilənlər desinlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 aprel 1910, №14 * * * Kimlərdir? Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”. Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan? * * * Bismillahi-rəhmanür-rəhim, xeyrətün min Allahül əzizül-həkim liflan binflan. İranı istəyən qardaşlara məlum olsun ki, rus vəziri-muxtarı Tehranda məclisi-məbusana qəti surətdə vədə vermişdi ki, həmin ayın 25-də rus qoşunları İrandan çıxacaqlar, əgər bir yanda iğtişaş-miğtişaş olmasa. Yəni bircə şərtlə: iğtişaş olmasa. Çox əcəb, yəni iğtişaş nə bir çətin işdir? Sən bircə iğtişaş deyirsən, amma əgər meylin çəkir, mən Rəşt kimi bir böyük şəhərə od vurum, həmi minlərcə övrət-uşaq od içində külə dönsün, həmi rus qoşununa yenə İranda qalmağa bəhanə olsun. * * * Bu gözəl tədbiri tökənlər, bu planı çəkənlər olublar Rəştdə iki nəfər şəxs ki, adları: 1. Rus təbəəliyin qəbul edən məşhur qaziyi-şəriətmədar, 2.Peyğəmbər övladı seyid molla Məhəmməd. Mənə həmişə deyərdilər ki, Nəcəfdə “darülfünun” qurtaran üləmamız və müctəhidlərimiz incinar dərsi də oxuyurlar, mən inanmazdım. Səbəbi budur ki, orada təhsil tapanların yüzdə doxsan doqquzu əllərinin barmaqlarını düz sayıb başa çıxa bilmirlər. Amma, söz yox, hamı oxuyan Molla Pənah olmaz; yəni insafən, ağayi-şəriətmədar və seyid molla Məhəmməd çəkdikləri plana baxanda insan deyə bilmir ki, bunlar incinar deyillər və Vladiqafqazın təzə konsulunun yerinə olsam, bu ağalara təklif edərəm Petrovsk şəhərinə ki, vaxtı tamam olmamış biletləri təzələməyə əncümənin palazlarını Qafqaza aparmağa plan çəksinlər ki, camaat mane ola bilməsin. * * * Rəşt yanğınının planı Ağayi-şəriətmədar və ağayi-molla seyid Məhəmməd Rəşti yandırmaq üçün belə bir gözəl plan çəkmişdilər ki, şəhərə dörd tərəfdən od vurulsun və qəsdi əmələ gətirmək üçün xainlər üç dəstə olmuşdular. Əvvəlinci dəstədə iş görənlər bunlar idi: Sərdar Əmcəd, şəriətmədar və molla seyid Məhəmməd; ikinci dəstədə iş görənlər: sabiqdə Rəşt mücahidi seyid Abbas, faytonçu Muxtar, maştağalı faytonçu Məşədi Baqi və Cəfər; üçüncü dəstə: İranın bakir adamlarından iki yüz veyl və bambılı. Nə tövr olursa haman gecə nəzmiyyə hakimi Siddiqül-Hərəm irticaiyyunların bu tədbirindən xəbərdar olur və bir neçəsini həbs edir; molla seyid Məhəmmədi göndərir Tehrana, amma şəriətmədara bir söz deyə bilmir; çünki təzəlikdə rus rəiyyəti olubdur. Xülasə, axırı xeyir oldu və hərçənd xainləri hakimi-nəzmiyyə tutub həbsə göndərmişdi; amma rus təbəəsindən Hacı Rüstəm Babayev gedib hamısını həbsdən qurtardı. * * * Mənim hərdənbir qulağıma bir belə söz çatır ki, guya Molla Nəsrəddin mollaları istəmir və söz axtarır ki, onlara dolaşsın. Mən bunun cavabında ərz edirəm ki, səhərlər yerimdən duranda əbədən o xəyalda olmuram ki, bir mollaya sataşım, bir mollanı pisləyim. Poçtdan kağız alıb oxuyaram və görürəm ki, mollalar, seyidlər, şəriətmədarlar istəyirlər İranı yandırsınlar, bu xəbərləri də bizə yazanlar İranı dost tutan qardaşlarımız və xeyirxah müsəlmanlarımızdır. Nə cür yazmayaq? Yoxsa, bizim qəsdimiz o deyil, bigünah bəndələrin adını nahaq yerə çəkib, onlara böhtan deyək. Axund molla İsmayıl Həsənzadə Vladiqafqazda məscidin iki dükanını sahiblənib deyir ki, “məscidin malı bircə mollaya halaldır, qeyrilər yox”. Bunu eşidəndə biz də götürüb yazırıq: Mürəbbe Onun üçün uymaz qeyriyə könlüm Bir əcəb molladır mənim sevdiyim. Molla nədir, seyid nədir, mələkdir, Hamıdan əladır mənim sevdiyim. Saqqalı sünbüldür, yanağı lalə, Özü də bənzəyir vəhşi çaqqalə, Qulaqları uzun, gözü piyalə, Millətə bəladır mənim sevdiyim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 may 1910, №16 * * * Etidaliyyun Qorxma, osmanlıca yazmıram! Öz dilimizdə yazacağam. Yoxsa başdan “Etidaliyyun” sözünü görüb elə xəyal elərsən ki, biz də “osmanlılaşdıq”, yəni “ərəbləşdik”, yəni mötəbər qələm sahiblərinin cərgəsinə soxulduq. Maşallah, qəzetlərimizi görəndə adamın “tamahı” düşür: lap elə bil ki, təzə Osmanlıda çıxan “Hikmət” qəzetidir ki, mərhum Məlkümxan deyən kimi, maşallah adını da oxumaq olmur ki, biləsən bari nə qəzetidir. Bəli, yenə Osmanlı padşahının tərifi başlanır. Nə olar, qoy başlansın. Amma dəxi demə ki, “dünyanın yox yerdən vücuda gəlməyinə bais sultanımızdır”. Və bir də mən bilmirəm ki, bu təşvişə səbəb nədir və bilmirəm kim sənin sultanını pisləyir ki, sən ona rədd yazırsan və bu tərifi və təhsini kimə yazırsan? * * * İndiyə kimi yuxarıda dediyim sözlər “min babət” heçdir; o sözü ki, doğrudan və ciddən yazmaq istəyirəm, yəni zarafatı kənara qoyub yazmaq istəyirəm, o sözlər haman aşağıdakı sözlərdir ki, indi ərz edirəm. Əgər İranı bir dəqiqəliyə Avropa ilə tətbiq eləsək, yəni tutuşdursaq, çox məzəli nəticə qabağımıza çıxar. Məsələn, bu cür danışaq: necə ki ağalara məlumdur, Avropada hər nə qədər firqə var, hər nə qədər məslək və əqidə əmələ gəlir – bunlar hamısı bir cür qayda və qanun ilə başa gəlir; yoxsa başı çuvaldan deyil. Amma İranda bunlar ittifaqi bir şeydir: bir gün flan ağa flan məclisdə plovdan qabaq bir söz fərmayiş edib, dəxi qurtardı getdi. – Yəni bu sözü ağa fərmayiş elədi? – Bəli, bəli. – Yəni sən öz gözünlə eşitdin? – Bəli, bəli. – Yəni sən öz qulaqlarınla gördün? – Bəli, bəli, səhihdir. * * * Demək olar ki, indi İranda papaqların fasonu o qədər artıq deyil, nə qədər ki, cürbəcür məsləklər moddadır; məsələn, məşrutəpərəst, məşruəpərəst, inqilabiyyun, ictimaiyyun. Çox gözəl, indi siz məgər bilirsinizmi ki, iranlı, məsələn, “ictimaiyyun” deyəndə nə demək istəyir? Məgər iranlı məşruə ilə məşrutəyə təfavüt qoyur? Xeyr, qoymur və çox yaxşı eləyir ki, qoymur; çünki təfavüt qoyanlar da heç özləri bilmirlər ki, niyə təfavüt qoyurlar. Yenə sözümüz burada deyil; sözümüz buradadır ki, qoy neçə-neçə firqə olur-olsun, neçə məslək olur-olsun, lakin bu məsləklər haradan baş verir, – mən onu bilmək istəyirəm və hünər istər ki, bir Allah bəndəsi məni başa sala, görəm ki, bu məsləklər haradan törəyir? – Hələ gözün aydın olsun! – Hə, nə var? – Nə olacaq, canına sağlıq. Deyirlər İranda bir firqə də əmələ gəlib. – Sən Allah? – Vallah. – Onun adı nədir? – Etidaliyyun. Doğrudan, lap elə bil ki, Avropadır; elə bil ki, məsələn, Almaniyada Marksdır. Haman Marks ki, ictimayyun-amiyyun məsləkinin banisi və atası hesab olunur. Doğrudan, bu İranda dəxi nələr qaldı ki, baş verməmiş olsun?! Heç Almaniyadan geri qalmır. İndi mən axır müntəzir qaldım! Axır bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? Yəni kimdir etidaliyyun firqəsini icad edən? Tehranda Vəzirzadə və kargüzar Rəhimzadə cənabları, Təbrizdə də Siqətül-islam həzrəti-aliləridir. İndi görək bu firqənin məramnaməsi nədir. Əvvəl bu lüğətə baxaq: “Etidaliyyun – “dal” sözündən əmələ gəlir. Məlumdur ki, mollaların yan ciblərindən savayı, bir dənə gizlin dal cibləri də olur. Cəmiyyəti-xeyriyyəyə, ya maarif işlərindən ötrü pul yığanda mollalar əllərini yan ciblərinə salıb və ciblərinin torbalarını çıxarıb çörək qurusunu silkirlər divarın dibinə və and içirlər ki, “vallah, bir qəpiyim də yoxdur”. Amma pulları dal ciblərində gizlədirlər. Odur təzə firqənin adını qoyublar “etidaliyyun”, yəni camaatın pulunu dal ciblərinə qoyanlar. Vallah, o qədər sözüm var ki, qorxuram hamısını yazam, çox uzun ola. Burada pis adamlara bir lənət oxuyub durub yataq; çünki gecənin yarısıdır. Ya Allah… Molla Nəsrəddin “Molla Nəsrəddin” 1910, №17 * * * Hacı İbrahimov “Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər. * * * Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil. Mömin qardaşlardan təvəqqə edirəm: bir dəqiqəliyə dünya işlərini nəzərdən salıb, fikirlərini versinlər keçəcəyə. Və yada salsınlar Rusiyanın əvvəlinci “duma” məclisini ki, Qafqazdan Peterburqa bizim də bir neçə vəkillərimiz gedib, orada bizim dərdlərimizi ortalığa qoyub danışırdılar. Və günlərin bir günü dumada övrət məsələsi ortalığa qoyulur, müsəlman məbuslarından bir nəfər müsəlman övrətləri üçün də müsavat tələb edir ki, kişilərlə övrətlərin hüququ bərabərləşsin. Bu söhbəti eşidir “Ülfət” qəzetinin sahibi cənab İbrahimov və eşidən tək götürüb qəzetində yazır ki, “Bakı vəkili cənab Əliyev dumada xilafi-şər söz danışıb və övrət məsələsi barəsində belə və belə rəy verib. Gərək o vəkili müsəlman qaydasınca səngsar etmək”. “Ülfət” qəzetinin bir nüsxəsi gəlib çıxır Şamaxıya və həmin gün şəhər bir-birinə dəyir və Peterburqa teleqram çəkilir ki, “vəkilimiz danışan sözə biz razı deyilik; əgər sözünü geri götürməsə, şəhərə qayıdanda Girdmançaya basıb boğarıq”. Allah şeyx Fəzulullahı salamat eləsin! * * * Budur haman hacı molla Rəşid İbrahimov və hər kəs mənim sözlərimə inanır, insansın, hər kəs inanmır, and olsun “Güllük” məscidindən dörd ədəd xalça oğurlayıb, Nuxaya aparanda tutulub Car qalasına göndərilən molla Alışan əfəndinin kardon papağına ki, bu dediklərim başdan axıradək düz və doğrudur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 may 1910, №19 * * * Şeyxülislam Mərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”. Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”. Əvvələn, canı çıxsın naxoşun əgər azarlıdır, getsin özünə davadərman tapsın. Əgər mərizxana yaxşı zaddır, nə səbəbə Təbrizdə, Tehranda, İsfahanda yoxdur? Əgər yaxşı zaddır, nə səbəbə Nəcəfdə və Kərbəlada yoxdur? Müctəhidlərimizin varlığı ilə küçədə bir bisahib müsəlman düşüb vayıldayanda bir yer tapılmaz ki, biçarəni aparıb orada müftə müalicə eləyib yemək-içmək verələr. Hansı müctəhid bir belə savab işin dalıyca olub? Elə hey qüsl, qüsl, qüsl, heyz, heyz, heyz, nüfas, mütə, feyz, huri, səvab, ibadət, axırda genə qüsl. Şabanın 15-də Rəştdə mərizxananı açanda mən o vədə dedim ki, “ay balam, özünüzü ələ salmayın, əvvəl bir siz xalqı başa salın görək, bu mərizxana lazımlı bir şeydirmi, yoxsa yox ”. Mənim sözümə o vədə qulaq asan olmadı. Qulaq asmadılar, özləri də peşiman oldular, çünki cindarlarımızın və dua yazanlarımızın bərəkətindən heç kəs mərizxanaya meyl və rəğbət göstərmədi, heyətin üzvlərindən heç kəs üzvlük haqqını vermək və hətta şeyxülislamın yanına gedib beş tümən üzvlük haqqını istəyəndə cavab verdi ki, “itilin, itilin, mən də Şuşa naibi deyiləm ki, gecə-gündüz keyflənəm və rəiyyətlərdən zornan aldığım pulları şəraba verəm (pinəçi Ağabaladan üzr istəyirik ki, naibin adını çəkdik). İtilin, itilin. Sizin mərizxananız bizə lazım deyil”. Bax şeyxülislam belə olar, nəinki indiki Qafqaz şeyxülislamı kimi ki, oturub özünə iş axtarır ki, hə nə var, götür qazilərin hamısına kağız yaz. Hə, nə yazım? Yaz ki, hər kənddə gərək bir məktəb açılsın. A qardaş, hər kənddə də bir məktəb olar? Vallah, lap elə urus işinə oxşadı. Bir bax gör, həyə bu yaxşı işdir, hansı müctəhid bir belə işə fitva verib? Əgər Fazili-Dərbəndi verib-hanı Dərbənddə məktəblər? Əgər ağayi-Şirazi verib-hanı Şirazda məktəblər? Qüsl, qüsl, heyz, heyz, siğə. məhərrəm, savab, huri, qılman axırda genə qüsl. Axırda genə qusl. Mən ölüm ürəyini sıxma. Dəli “Molla Nəsrəddin”, 16 may 1910 19 * * * Helmi Paşa Xəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə. * * * Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu? Cavab. Cavabı budur ki, Helmi paşanı Rusiya hökuməti yaxşı tanıyırmış və Stolıpin bilirmiş ki, bu kişi müsəlmanlara nə danışa bilər. Belə olanda nəinki Rusiya dövləti Helmi paşanın səyahətinə mane olmazdı, bəlkə əli ilə bir şey də verərdi ki, bu səyahət baş tutsun. * * * İndi biz bilirik ki, Helmi paşa Peterburqda nə danışıb; biz bilirik ki, Peterburq darülfünununda hüquq elmi oxuyan bir müsəlman qızına Helmi paşa nə söyləyib; biz bilirik ki, Kazan şəhərində müsəlman xatunlarına Helmi paşa nə deyib. Babalı Əbdürrəşid İbrahimovun boynuna, əgər rəvayət doğru olsa, halal olsun Helmi paşaya o çörək ki, müsəlmanların səmimi dostu “Novoye vremya” qəzetinin sahibi Suvorinin xanəsində yeyib. Məlumdur ki, əgər Suvorin bilsə idi ki, Helmi paşa müsəlmanların gözlərinin açılmağına bais olan bir kəlmə söz danışa bilər, nə Helmi paşanı evinə qonaq çağırardı, nə də onun Rusiya torpağına ayaq basmağına izn verərdi. * * * Havalar istiləşib, çox yazı yazmaq olmur. Helmi paşa Türkiyənin sabiq sədri-əzəmidir. Çox əcəb, bəs bunun mənə nə dəxli var? Bəs mənə dəxli yoxdur, niyə damın üstünə çıxıb çığırıb, hələ qonşuları da çağırıram ki, “adə, durmayın, çıxın dama, Helmi paşa gəlir!” Dəxi mənə nə dəxli var, gəlir? Qoy Əbdürrəşid İbrahimov sevinsin. Amma bu gün hava çox istidir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 iyun 1910, №22 * * * İt baxandan Tiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər. Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər. Bir gün evdə oturmuşdum, gördüm ki, kişi hazırlaşır getsin Bataniçeski bağa, dedim: – Ay kişi, bir məni də aparaydın orada qəribə-qəribə gül və çiçəklərə tamaşa edəydim. Axır deyrilər ki, dünyanın hər tərəfindən bura qəribə-qəribə ağaclar gətirib salıblar. Nə olar ki, mən yazıq da bir oraya gedib tamaşa edəydim. Kişi üstümə elə çığırdı ki, az qaldım özümdən gedəm. İndi daha bilərəm Bataniçeski bağlar biz müsəlman arvadlarının yeri deyil. Həmişə axşamlar camaat yığışıb dolanan vaxt, mən gedirəm qonşumuzda Səkinə bacını götürürəm, gedirik qəbristana, orada qəbrlərin dalına çöküb, bağa tamaşa edirik. Pəh, pəh, pəh, bağ necə bağ! Qüdrətinə şükür ilahi! Ağacların yarpaqları hərəsi bir rəng çalır, güllərin ətri insanı bihuş edir. Belə fikirdə oturub bağa baxanda bir də görürük ki, orada gəzən camaatın içində müsəlman kişisi də görünür. Çox vaxt o kişilərin içində mənim ərim də olur. * * * Axşam qayıdıb evə gələndə deyirəm: – Ay kişi, bir mənə de görüm, niyə bizi qoymursunuz ki, gedək orada gəzək? Biz ki, çarşablıyıq, bizi kim tanıyacaq? Kişi mənə cavab verir: – Çox danışma! Elə onu istəyirsən ki, bir yolluq el içində mənə biqeyrət desinlər? Odur ki, axşamlar Səkinə bacımı götürüb qəbristan bəhanəsi ilə gedirik qəbirlərin dalına çöküb, xəlvətcə bağa tamaşa eləyirik. Pəh, pəh, nə gözəl bağdır. Dünyada nə qədər övrət ki, xəlq olub, cəmisi gəlib ərləri ilə bu bağı gəzib gedirlər. Amma bizim məhlədə ola-ola, biz həsrət qalmışıq və cümə axşamlar qəlbimiz sıxılanda gedirəm Səkinə bacını götürüb gedirik qəbristana it baxandan tamaşa edirik ki, ərimizə biqeyrət deməsinlər.. Amma nə gözəl bağ! Nə xoşbəxt insanlar!… Dəli “Molla Nəsrəddin”, 13 iyun 1910, №23 * * * Bahalıq İstambulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır. Bu bir aşkar mətləbdir ki, İstambul inqilabına Nəcəf şiələri qarışmaya bilməzdilər: anadan doğma hüriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub, əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa. Dəxi evdə kim qalacaq idi ki, toyuqlara dən səpsin və altlarına yumurta qoyub təzə cücə əmələ gətirsin! Sən deyəcəksən – arvadlar. Axı, qardaş, elə sözü danışma. Biçarə Nəcəf arvadları uşaqların tərbiyəsinəmi məşğul olsunlar, camaat işlərinəmi çalışsınlar, ingilis hürriyyətpərəst xanımlarınamı köməyə getsinlər, qız məktəblərimi açmağa qarışsınlar, yoxsa toyuq-cücə saxlasınlar! Vaxtları harada idi?! Budur ki, indi Nəcəfdə cücənin biri bir manatdır və əgər bu cür hesab eləsək, gündə bir nəfər müctəhidin plovuna azından üç dənə cücə lazımdır, – belədə gör yazıq müctəhidlərin xərci nə qədər olmalıdır! Odur ki, Tehran hökuməti bu yavıqlarda özünün onsuz da boş kisəsindən Nəcəf müctəhidlərinə on min tümən cücəplov xərci göndəribdir və hərçənd məclisi-millidə vəkillərin bəzisi bu işi xoşlamayıb, amma bir kəsdə cürət olmayıb dillənməyə. * * * Burada bir şeyə təəccüb edirik. Aya görək müctəhidlər kimya elmini bilirlər, ya yox? Əgər desən ki, bilmirlər, – onda bəs nə bilirlər? Halbuki, ağalar bütün ömrlərini buna sərf edirlər ki, iksir vasitəsilə bir şeyi döndərib özgə bir şey eləsinlər. Fəsli-əvvəl dər iksir və dər on babi-şeş nöqtə göftə mişəvəd. Nöqteyi-əvvəl: iksiri-maülvərd, yəni suyu gülab eləmək; nöqteyidövvüm: iksirül-əsəl, yəni südü bal eləmək; nöqteyi-seyyüm: iksirüddöhn, flan və flan. Allah şahiddir ki, dünyada heç elə elm və fənn yoxdur ki, müctəhidlər onda məəttəl olsunlar. Bəs nə bir çətin şeydir, bir para dəmiri, ya misi götürüb qızıl eləmək? Əgər bir belə iş mümkünsə, dəxi insafdırmı ki, İranın indiki kasıb vaxtında hələ ondan pul da almaq? Doğrudur, Nəcəfdə cücə bahalanıb, cücəsiz plovun da elə bir ləzzəti yoxdur. Çox əcəb, məgər qonşudan oğurlamaq olmaz?! Oğurluq da və quldurluq da bundan yaxşıdır. – Adə, dəli olmamısan ki?.. Nələr danışırsan? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 iyun 1910, №24 * * * Tacül-hac Bəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq. Belə də oldu. Buna iyirminci əsr deyərlər ki, İspaniyada katoliklərin rişəsini kökündən kəsdi. Avropa ruznamələrini mütaliə edənlər xəbərdardılar ki, bu saat İspaniyada bərk vurhavurdur; baş vəzir Kanalixas kral ilə birlikdə çalışmaqdadırlar ki, lazım olmayan katolik cəmiyyətləri qapansın, katolik məktəbləri ümumi nəzarət altına alınsın, ruhanilərin və qeyri ruhanilərin hökumət yanında təfavütü olmasın, keşişlərdən də ümumi qanunlar üzrə vergi alınsın. * * * Ax, keçən günlər!.. Bir vaxt var idi ki, Rim papasının səsindən Frəngistan və İspaniya dağları titrərdi, padşahlar bac verərdilər, xristianlar uşaqlarının çörəklərindən kəsib papasların sarayı Vatikana hədiyyələr daşıyardılar. Ziyarət günləri qızıl sövqatlar dağ kimi qalanardılar. İsanın canişini – papas yığardı başına on iki nəfər huvariyyun vərəsəsi hesab olunan əshab və ənsarını, yəni on iki nəfər kardinalını və qızıl yüklərinin yarısısını Vatikanın ambarlarına töküb, yarısını da paylardı hüvariyyuna, zəvvarın da hərəsinin əlinə bir tikə induligensiya verib, behiştin yolunu nişan verərdilər ki, tez rədd olub getsinlər. * * * Oxuculardan lotu-lotuyana iltimas edirik ki, bu məqalənin yadigarı üçün, hər kəsə mümkün olsa, Frəngistanın məşhur yazıçı Emil Zolyanın “Rim” adında kitabını tapıb oxusun. Keçək mətləbə. * * * Tarix bunu bizə göstərir ki, maarif artdıqca ruhanilik hörmətdən düşür və təkbətək hər bir Avropa millətini götürsək, görərik ki, elm və fənn meydana gələn kimi ruhanilər aradan çıxıblar. Belə ki, məsələn, Emil Zolyanın kitabları Frəngistanda intişar tapan kimi zehinlər bir neçə ilin içində o dərəcə oyandılar ki, frənglər nəinki Rim papaslarının ziyarətinə getməyi tərgitdilər, hələ bəlkə öz içlərində katolik keşişlərin qalmağını artıq hesab etdilər. Odur ki, iki qonşunun biri – Frəngistan maarif vasitəsilə gözünü açıb, üz qoydu tərəqqiyə, amma İspaniya hələ qalmışdı qaranlıqda; çünki mətbuat hələ tənəzzüldə idi. İyirminci əsrin bərəkətindən, bir gün oldu ki, cəmi ispaniyalılar qırmızı baydaq götürüb, “Yaşasın maarif və puç olsun cəhalət!” – deyib düşdülər küçələrə: hər oğlan və qızın əlində bir kitab və milli marş oxuya-oxuya kitabı yuxarı qalxızıb deyirdilər: “Yaşasın bu kitab yazan əl-alim-əl-kamil və əcəllül-fəzlül mütəkəllimin fil-bəyan və əmələühül-vaizin lil-tiban və əkməlül-mühəddisin beynəl-ənam və əfzəlül-mühəqqiqin fil-islam tacülhac və siracül-vəhhacül-hac Mirzə Möhsün tacül-vaizin Nişaburi ləsəll”, “Yaşasın bu kitabın çap olunmağına bais olan vücudi-şəriflər ki, “dər mətbəeym-cəraidi-”Həyat” və “Kaspi” mütəəliq becənab hacı Zeynalabdin ağa Tağıyev, bəhümmətü ehtimami-müdiri-idarə və kantori-cəraidi-məzkurə cənab Həsənağa Həsənov behilyeyi-təbrəsidəst, 3 səfər, sənə 1324”. * * * Bəli, sənə 1324-də səfərül-müzəffərin 3-də dünya və aləm birbirinə dəymişdi; Rusiyada millətlər baş qaldırıb, özlərinə nicat yolu axtarırdılar, mətbəələrdə gecə və gündüz elmə və fənnə dair kitablar tərcümə olunub çapa verilirdi; həmin günlərin bir günü Mirzə Möhsün adında bir bambılı gəlir “Kaspi” mətbəəsinə və Həsənağa Həsənova deyir ki, “bir kitab yazmışam, kömək elə çap olunsun, ta ki, millətimizin balalarına bir yadigar qalsın”. Çox gözəl, de görək nə yazmısan? Bəli, bax gör nə yazmışam. Cəhəte mali-məsruqə. Əgər kəsi bexahəd ki, peyda künəd, in tilsimi-əzəmra dər həman xanə dəfn künənd (səhifə 252). – Çox əcəb, mən kömək edərəm ki, kitabın çap olunsun ki, millət üçün bir yadigar qalsın. Hacının canı sağ olsun, bir neçə min manatı da qoy bu kitaba xərcləsin. Bu həmin kitabdır ki, bir nüsxəsi gedib çıxıb İspaniyaya, orada oxuyub, birdən gözlərini açıblar və yaxşı ilə yamanı biliblər və həmin tilsim vasitəsilə millətin oğrusu olan katolik keşişlərin yaxasından yapışıb, oğurlanmış olan hüquqlarını geri istəyiblər. Bu haman kitabdır ki, 1324-cü ildə Hacı Zeynalabdin ağanın mətbəəsində Həsənağa Həsənovun hümməti ilə çap olunubdur. Bu haman kitabdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 iyun 1910, №25 * * * Qanlı faciə Yox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır. Xeyr, qanlı faciə bu deyil. Yox, yox, mən ölüm, elə danışma, vallah küsərəm; qanlı faciə bu deyil. Qanlı faciə budur ki, yuxaradakı əhvalatı nağıl eləyəndən sonra idarə tərəfindən yazırsan ki, “Bu uğurda tökülən qanların baisi 12 yaşındakı qızları 70 yaşındakı qoca kişilərə nikah edən mollanümalardır”. Budur qanlı faciə, mənim gözümün nuru. * * * Əgər bu sözləri yazanda huşun başında deyildisə, – sözüm yox; yoxsa qana-qana yazmış olsan, di qulaq as. Dünya yaranandan Şamaxıda şagirdlər müəllimi döyən günə kimi heç bir elə ittifaq düşməyib ki, bir mollanın yanına gəlib, balaca bir qız uşağını 60 yaşında kişiyə nikah etmək istəyəndə molla bir dəqiqə dayana. Və mənim bu sözlərimi elə indi bu saatda hər bir molla oxusa, yenə başa düşməyəcək ki, dəxi niyə gərək dayansın və niyə haman saat siğəni oxumasın. Molla nə qanır qanlı faciə nə deməkdir? Daşkəndin faciəsinin adı tək bircə sənin yanında “qanlı faciə”dir; amma mollanın və mollanümanın nəzərində şəri hökmü əmələ gətirməkdir; çünki zani və zaniyənin qətli hər halda vacibdir. * * * Qoy “Həqiqət”in 151-ci nömrəsinin dördüncü səhifəsindəki “Qanlı faciə” əhvalatını 300 milyon müsəlman oxusun, – tək bircə səndən savayı. Hər bir müsəlmanın borcu odur ki, tikə-tikə doğranmış 14 yaşında qıza və oğlana sədhəzar lənət oxuyub desin: “Mərhəba türkmənlərə, maşallah belə mücahidlərə”. Budur qanlı faciə. * * * Sən istəyirsən ki, mollalarımız 60 yaşında kişiyə 14 yaşında qızı nikah eləməsinlər. Çox əcəb, Allah atana rəhmət eləsin. İndi gəl açaq görək axund Ərəszadənin “Təşrihül-fərayiz” kitabının 13-cü səhifəsində nə yazılıb: “Əgər doqquz yaşa yetişməmiş bir qızı atası, ya ata babası ərə verə, – əri ondan, o ərindən irs aparar”. Bə niyə dinmirsən? Bir de görüm, kim sənə deyib ki, 14 yaşında qızı 60 yaşında kişiyə vermək olmaz? Özgə şəhərləri bilmirəm, bizim küçədə hacı Məlikin 74 yaşı, övrəti Güllünün 12 yaşı var; bildir övrətin bir oğlu oldu, adını qoydular Həsən. Budur qanlı faciə. Məşədi Nurəli 60 yaşında bir kişidir. Keçən il 9 yaşında bir qız aldı. Budur qanlı faciə. Allahın göydə gəzən ayı hər gecə neçə-neçə qanlı faciələrə şahid olur. Və əgər kişilərin otağına zorla çəkib apardığımız balaca qızların gözyaşlarını bir yerə yığsan, təzə bir üman dəryası əmələ gələr. Budur qanlı faciə. * * * Bunların hamısını görə-görə və bilə-bilə və eşidə-eşidə gündə göbələk kimi artıb törəyən yazıçılarımız yazırlar, yazırlar, yazırlar, hər yandan yazırlar: yerdən, göydən, hürriyyətdən, şəriətdən, politikadan, İrandan, Turandan, əlfaz, ibarə, şəxs, imza, şöhrət, ad, nəzm, qafiyə, yenə əlfaz, yenə ibarə… Amma övrətlərimizdən bircə söz də yox. Çünki ağaların xoşuna gəlməz; ağaların da xoşuna gəlməsə, mənə xeyir eləməz. Bağışla, bilmədim, qələt elədim. * * * Budur qanlı faciə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 iyul 1910, №27 * * * Təzə xəbər Qardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim. Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir. * * * Vaqeən çox çətin məsələdir. Mən and içərəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkil işə rast gəlməyib Biçarə nə eləsin? Və baronessa Rozen xanıma nə cavab versin? Buna hicab məsələsi deyərlər, zarafat deyil! Burada politika lazımdır. Məlum şeydir ki, burada İsmayılbəyin cavabı iki qism ola bilərdi: ya hə, ya yox; yəni “Tərcüman” sahibi Rozen xanıma cavab verə bilərdi ki, “ey möhtərəm xanım, islamı qəbul eləməkdə və müsəlman kişisinə ərə getməkdə gözüm üstündə yerin var; amma söz yox ki, müsəlman olandan sonra, gərək üzünü örtəsən və naməhrəm kişilərə görsənməyəsən”. Aya bu cavabı “Tərcüman” sahibi verə bilərdi, ya yox? Mən deyirəm ki, verə bilməzdi: ondan ötrü ki, əgər İsmayılbəy belə cavab versəydi, o vaxt İsmayılbəyi yavıqdan tanıyanlar da yapışardılar onun yaxasından və deyərdilər: “Ey əzizim, sən ki, hicab məsələsini belə kəşf eləyirsən, bəs nə səbəbə…”. Hədisi dust nəguyəm məgər behəzrəti dust Ki aşina süxəni aşina nigah darəd. Mən sözümün qurtaranında bir neçə nöqtə qoydum, yəni mətləbi axıra kimi söyləmədim; çünki aralıqda yad adamlar var: dostun da sirrini yada vermək – namərdlikdir. * * * Bəli, ya gərək İsmayılbəy belə cavab verə idi, ya da deyə idi ki, gözəl xanım, heç eybi yoxdur, sən islamı qəbul elə və bir nəfər mömün kişiyə də ərə get, sonra istəyirsən üzüaçıq gəz, istəyirsən üzüörtülü gəz. O baxar sənin ağlına, şüuruna, qabiliyyətinə, tərbiyənə, insaniyyətliyinə, səliqənə, məzaqına və xülaseyi-kəlam, nə cür kefindir, elə də rəftar elə. Yox, bu cavabı “Tərcüman” sahibi verə bilməzdi. * * * Bəs nə eləyim? Elə yazma, – cavanlar inciyərlər, belə demə, – qırmızı saqqallar inciyərlər, mən də acıqdan deyərəm ki, “nəmidanəm”. Qoy Rozen xanım yazsın bu məsələni prixod mollalarından və müctəhidlərdən xəbər alsın; əgər belə cavab gələr, – belə eləsin, elə cavab gələr, – elə eləsin. Kaş mənim yaxam qurtarsın! Cənab İsmayılbəy belə deyir və belə eləyir: özü baronessa Rozen xanıma cavab vermədən, deyir: “Qoy məsələyə müctəhidlər cavab versinlər”, yəni bundan bu çıxır ki, “mən bilmirəm”: yəni bundan bu çıxır ki, otuz il “Tərcüman” qəzetini yazan və indi də “Aləmi-nisvan” məcmuəsini çıxardan bir mühərrir hicab məsələsini öyrənməyib. Bəs yazıq Molla Nəsrəddin başına nə kül ələsin? “Tərcüman” sahibi İsmayılbəyin möhtərəmə qızı Qafqaza gəlib müsəlman xanımlarını azadlığa və üzüaçıq, kişilərə görsənməyə dəvət eləyəndə hələ Molla Nəsrəddin anadan olmamışdı; amma Qafqazda hicab məsələsi söhbəti düşəndə lənəti əvvəl qabaqca Molla Nəsrəddinə oxuyurlar. Molla Nəsrəddin də “Tərcüman”ları köməyə çağıranda, onlar da özlərini qoyurlar bicliyə. İndi bəs mən nə eləyim və sözümü kimə deyim? Nələr çəkdim, əzizim, sormadın hali-pərişanım. Böyük bir dərdə düşdüm, qılmadın tədbiri-dərmanım! Bu işlər boyləmi qalsın, sözün nə, ey gözəl canım, Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım?! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 avqust 1910, №31 * * * Molla Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz. Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin. Hələ bu qəribə iş deyil. Malıbəylidə bir qəribə əhvalat gördüm: o da budur ki, bu kənddə hələ oğlan uşaqlarından savayı qızlar da məktəbə gəlib dərs oxuyurlar. Doğrusu çox təəccüb eləbim ki, məsələn, İrəvan kimi bir müsəlman mərkəzində qızın oxumağını müsəlmanlar pis iş hesab eləyirlər, amma Malıbəyli kimi bir kənddə qızlar erməni Haxçığı kimi çiyninə heybə salıb dərsə gedir. Bu işləri görüb, söz yox, başladım bunun səbəbini soruşmağa ki, çox əcəb, Malıbəyli hara, bu işlər hara? Və gün haradan çıxıb ki, burada bu qədər tərəqqi baş verib? Hər kəsdən xəbər aldım, mənə cavab verə bilmədi. Doğrudan da qəribə işdir ki, müsəlman kəndində beləbelə işlər əmələ gəlsin. Axırda nə oldusa, söhbət molladan düşdü və belə məlum oldu ki, Malıbəylidə heç əslindən molla olmayıb və Malıbəylilər ömrlərində heç molla üzü görməyiblər. Aha, burada mən barmağımı dişlədim və özümə dedim ki, bəli, bunu mənə bayaqdan deyin. Allah atanıza rəhmət eləsin, indi bildim ki, niyə burada müsəlmanlar oğlanlarını və qızlarını oxudurlar. Ondan ötrü ki, burada molla yoxdur. Ancaq indi başa düşdüm. Cırcırama “Molla Nəsrəddin”, 22 avqust 1910, №32 * * * Bibiheybət ziyarətgahı Bakının qiblə ilə günbatan tərəfində təxminən, 7 verstlikdə Bibiheybət kəndində İmam Muzeyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki tarzənlər və xanəndələr həmişə çalıb oxuyurlar: Getdim Bibheybətə, bişirdim aşı, Çağırdım Allahı, tökdüm göz yaşı, Xudaya, sən saxla bir cüt qardaşı Ölürəm dərdindən, ay gözəl yarım! Bu təsnifin 72 min təfsiri var, necə ki, bilatəşbih mollaların əqidəsində quranın hər kəlməsinin 72 min mənası; məsələn “Xudaya, sən saxla bir cüt qardaşı” – üləmanın bəzisinin kitabında bu iki qardaşdan murad Məhəmməd Sadıq ilə “Günəş” qəzetinin müdiridir ki, söz bir yerə qoyub, Bibiheybət ziyarətgahını Nəcəf uşaqlarının əlindən alıb, Bakı qazısının ixtiyarına versinlər. Bir rəvayətə görə, iki qardaşlar ibarətdirlər “Günəş” qəzetilə Qafqaz şeyxülislamı cənablarından; çünki bunların hər ikisi zəmanəmizin indiki vaxtında dünya və aləm nəyə və nə işlərə məşğul ola-ola, vaxtlarını sərf edirlər, nəyə, nəyə, nəyə? – Bibiheybət ziyarətgahını uzun məqalələr ilə bir qat daha səsləndirib, məhərrəmlikdə bütün bakılıları üzləri palçıqlı… bilməm nəli, oraya doldurmağa! Təəccüb buna edirik ki, “Günəş” qəzeti şeyxülislamımız cənablarını tanımır. Çox təəccüb! Pişnamazzadə qabaqlarda da müsəlmanların yolunda az-çox zəhmətlər çəkib, şeyxülislam məqamında da xüsusən məktəblər barəsində hədsiz yazılar yazıb, sözlər danışıb və Qafqazın cəmi qazı və mollalarını ayaq üstə durğuzub ki, kəndlərdə gərək məktəb açılsın. Bunu cəmi Qafqaz müsəlmanları bilir. Əgər “Günəş” qəzeti bilmir, təqsir özündədir; bundan sonra bəzi adamların sözlərinə qulaq asıb, mühüm səhvlər eləməsin. “Günəş” qəzeti Bakıda otura-otura heç olmasa, bunu gərək duyaydı ki, bu işlərin cəmisi Bakı qazısının tədbiridir ki, bir tərəfdən Bibiheybət ziyarətgahının mədaxilinin ixtiyarını əlinə alsın, bir tərəfdən də Pişnamazzadəni camaat nəzərində töhmətləndirsin. Az qalır on doqquz il tamam olsun ki, Bibiheybət məsələsi “Günəş”in səhifələrindən əskik olmur. Bibiheybət ziyarətgahı, Bibiheybət ziyarətgahı, Bibiheybət ziyarətgahı!.. Bəli, söz yox, bu məsələ çox əhəmiyyətli məsələdir. Aya görək Bibiheybətdə dəfn olunan kimdir? Həzrət Muzeyi-Kazim əleyhüssalamın qızı Hökümə xatundur, ya xeyr?! Xudanəkərdə, birdən Hökümə xatun olmaya, onda dəxi cəmi müsəlmanların beli qırılacaq, İran əldən gedəcək, yerlər dəyəcək göylərə, göylər dəyəcək bir-birinə, ildırım şağıyacaq, zəlzələ olacaq! Vaqeən, dürüst ərz edirəm, bəlkə indi xudanəkərdə Bibiheybət ziyarətgahında dəfn olunan Hökümə xatun olmadı? Onda bəs biz biçarə müsəlmanlar başımıza nə çarə qılaq? İnsaflı oxucularıma yalvarıram ki, mənim bu iki kəlmə sözümü də oxusunlar: Məhəmməd Sadıq və “Günəş” qəzeti 83-cü nömrədəki məqalənin ikinci sütununda ağlaya-ağlaya yazırlar ki: “Əcəba, sair dini moqufatımızı, bu ümuri-daniyyələrimizi öz əlimizə alıb, şəriətimizin təhti-nəzarətindən çıxartmaq əvəzində şeyxülislamımız nə iş görür? Flan və flan”. – Və haman məqalənin qabaqkı sütununda haman Məhəmməd Sadıq özü deyir ki: “Keçən ildə Bakı vilayət qazısı Bakı qradonaçalnikinə rücu edib orada (Bibiheybətdə) olan müfsid şəxslərin kənar olunmalarını təklif etmişdi”. Dəxi sözün nədir, gözüvə dönüm? Əgər ümuri-diniyyəmizi hökumətə mühəvvəl etmək sənin xoşuna gəlmir, Bibiheybət ziyarətgahını hökumətin əvvəl yadına salan Bakı qazısıdır ki?! İndi gələk Pişnamazzadə cənablarına. Bu yazıq da baxıb görür ki, iş işdən keçib, görür ki, indiyə kimi ziyarətgahın mədaxilini Nəcəf uşaqları yeyəndən sonra indi də Bakı qazısı dişlərini itilədib. Və bu işləri bu halda görəndən sonra, şeyxülislamın təklifi dəxi o imiş ki, eləyibdir. İndi hər kəs bizə isbat eləsə ki, Mir Məhəmməd Kərim ağanın tamahı Nəcəf uşaqlarının tamahıdan əskikdir, biz “minavat” olarıq. Amma torğ məsələsinə gəldikdə, dəxi bir sözümüz yoxdur. Doğrudan, məgər Bibiheybət ziyarətgahını da torğa qoymaq olar? A kişi, vallah, dünya “kun-fəyəkun” olar. Vallah, zəlzələ Bakını dağıdar. Sən Allah, bir insaf elə! Bu da Bakı qəzavatxanası deyil ki, siğələr torğa qoyulsun?! A kişi! Bir Allahdan qorx, yazıqsan! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 yanvar 1911, №1 * * * Nə olardı? “Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur. Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın. Əvvələn, məgər şeyxülislamın dəxi özgə dərdi, özgə bir fikri yoxdur ki, katalikos onun yadına düşür? İkinci, bəli, nə eybi var, düşür, düşsün; amma lazım deyilmi ki, adam bir sözü danışanda bilə və görə ki, nə danışır? O sözlər ki, “Günəş”də çap olunub, – o sözləri hər bir ağıllı erməni oxusa, söz sahibini qəribə bir adam hesab edəcək. Məsələn, dürr danələri “Günəş”in sapına belə düzülüblər: şeyxülislami-Zaqafqaz 80 yaşında vəfat edən katalikosa deyir: “Aya səbəb nə oldu ki, sən bu tezlikdə sevgili camaatından ayrıldın?”. Sonra şeyx cənabları ermənilərin kilsələrini və məktəblərini tərifləyib, katolikosu ermənilərin tərəqqisinin işığına odlanmış pərvanəyə oxşadır. Budur şeyx cənablarının “Günəş” qəzetində yazdığı. Xudaya, bu işlərin hamısı səndədir. Nə olardı ki, heç katalikos ölməyəydi və Pişnamazzadə cənablarını dərdə və qəmə salmayaydı. Yaxşı, öldü, öldü. Nə eləmək, əcəldir, hamı öləcək. Xudaya, nə olardı, şeyx cənabları belə bihudə, biməna və bimövqe sözlərlə millətimizin xırdalanmağına dəlalət edən sözləri qəzetlərə göndərməyəydi. Çox əcəb, hələ bir saatlığa deyək ki, yazdı, göndərdi; nə olar, qoy göndərsin. Bəs qəzet sahibinin insafına nə gəlmişdi ki, o sözləri çap edib bizi utandırdı! Bəli, hələ tutaq ki, qəzet müdiri şeyxə hörmət eləyib, onun məqaləsini səbətə salmadı və qəzetdə yazdı. Ax, nə olardı ki, Molla Nəsrəddin bir az səbr eləyəydi və bu işi tez götürüb jurnala yazmayaydı. Nə olardı? Məgər yazmasaydı, dünya dağılardı?! Dəli “Molla Nəsrəddin”, 12 yanvar 1911, №2 * * * Qəzetlərimiz Möhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?! Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək. Səbəbi budur ki, əgər bir az vaxtda haman bağlanan qəzetlər bağlanmasaydılar, bu qəzetlərin varlığı ilə yer üzünün cəmi müsəlman tayfaları yuxudan ayılıb baş qalxızacaq idilər və baş qalxızandan sonra, bir az müddətdə o qədər tərəqqi edəcək idilər, o qədər tərəqqi edəcək idilər, o qədər tərəqqi edəcək idilər ki, qonşu hökumətlərə və o cumlədən Rusiya hökumətinə sədəmə yetirəcək idilər. Hər kəs bu mətləbi qanmaq istəyir, götürsün bağlanan qəzetlərin köhnə nüsxələrini və rast gəldiyi yerindən oxusun. Hər kəs oxuyub desə ki, “mən başa düşdüm”, o vədə Molla Nəsrəddin “pəs”!.. Görəcəksən ki, başdan yazılıb: “şimdi”, ortada osmanlının köhnə yazılarına oxşar filosofanə hədərən-pədərənlər, bəzi yerlərində ərəb dilicə küçə söyüşləri, axırda təzə törəmə elmsiz yazıçılarımızın imzaları, yəni öz adları, atalarının adı, babalarının adı, sonra familiyası, sonra da təxəllüsü! Xülasə, qəzetləri bağlamaqda və yazıçılarını dama qatmaqda mən hökuməti haqlı tuturam. Və lakin, yeni qəzetin bağlanmasının bir səbəbi də var və o da budur ki, haman qəzet, müdiri-məktəbi-vilayəti-Şamaxı, fazili-yeganə, ədibi-bimisl və alimi-zəmanə cənabi-müstətab Şeyxzadə Hafiz Məhəmməd Əmin əfəndi həzrətlərinin qəzetinin banderolunda səhvən bu kəlmələrin birini əksik yazıb; yəni çox böyük xəta edib ki, Fitilbörkdən teleqram ilə hökm olunub ki, “Yeni həqiqət” bağlansın. Amma insaf deyil ki, bir dəfə səhv eləməklə qəzeti bağlasınlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 mart 1911, №12 * * * “İşıq” Doğrudur, Bakıda çıxan “İşıq” qəzeti müsəlman qardaşları işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırar. Onuncu nömrəsində qəzetlərin bağlanmağından söhbət açıb baş məqaləsində deyir ki: “İttihadi-müslimin bizim ruhani əmalımızdandır və Rusiya hökuməti ittihadi-müslimin yolunda çalışan müsəlman yazıçılarını həmişə dost tutub. Rusiya hökumətinin baş vəziri biz müsəlmanların ruhani əmalımızı o dərəcədə xoşlayır ki, özü həmişə məscidimizə gəlib, axund Bayazitovdan namaz qılmaq dərsini alır ki, islam dininə müşərrəf olsun”. Sonra yazır ki, bir gün var idi, bir gün yox idi, bir qoca kişi var idi və bu qoca kişinin iki bədxasiyyət nəvəsi var idi. Bir gün nəvələrinin biri, Heydərqulu, babasından soruşdu ki: baba qələm sahiblərimizin tutulmağına sən nə deyirsən? Babası cavab verdi ki: – Müsəlmanlar üçün artıq müəssir olmalıdır ki, qələm sahibləri istər günahkar, istər bigünah, tutulmuşlar; çünki əgər günahkardırlar, qələt eləyiblər ki, günahkar olublar, əgər təqsirsizdirlər, yenə də qələt eləyirlər ki, təqsirsiz ola-ola tutulurlar. Qurban olum sənə söz danışan!.. Lağlağı “Molla Nəsrəddin”, 31 mart 1911, №12 * * * Müsəlmanların ittihadı Əgər Bakıdakı müsəlman qardaşlarımız bir az ehtiyatlı dolanmasalar, hələ bundan da pis nəticə törəyə bilər. Vaqeən, axır hökumət lap aşkar görür ki, Bakıda müsəlmanlar birləşiblər və bu birləşmənin əsərləri çox işlərdə zahirə çıxır, xüsusən məktəb işlərində. Hələ buradan başlayaq ki, Bakıda şəhər məktəblərinin müsəlman müəllimlərinin arasında qəribə bir ittihadi-müslimin əmələ gəlib. Əvvələn, bunların bəzisinin libasları Bakı qoçularının paltarına oxşayır. İkinci əlamət budur ki, cəmi müəllim qardaşlar söz bir eləyiblər ki, heç bir iş görməsinlər; bu özü də elə əsl ittihadi-müslimindir; çünki əgər müəllimlərin biri, ya bir neçəsi iş görməsə, eybi yoxdur; amma əgər cəmisi iş görməsə, əlbəttə, bu olacaq “ittihadi-müslimin”. Odur ki, baş vəzir Stolıpin o dərəcədə ehtiyat eləyib ki, bu axır vaxtlarda vəzirdən soruşurlar ki, “sən nə səbəbə cürət edib, əsas qanunların 87-ci fəslini pozdun?” – Stolıpin elə bir cavab verib ki, adam eşidəndə yəqin eləyir ki, vəzir cənabları ya gəncəlilərin novruz bayramlarındakı hərəkətlərindən qorxub dualıq olub, ya da ki, müsəlmanların təzə çapdan çıxan kitablarının minlərcə dağılmağını görüb çaşıb. * * * Bəli, söhbət Bakı müəllimlərindən düşmüşdü. Keçən günlərdə bir müəllim istəyirmiş məktəbdə uşaqlar üçün uşaq teatrı düzəltsin. A başınıza dönüm, bu xəbəri eşitcək, cəmi müsəlman müəllimləri “ittihadi-müslimin” eləyib, bu nadinc müəllimi baykot eləyirlər və səbəb də bunu qoyurlar ki, niyə qoymursan dinc və farağat oturaq! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 aprel 1911, №13 * * * Biz Biz nəyik? Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasındadır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?! Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir; amma yenə biz özümüz öz əlimizlə öz işimizi xarab eləyirik. O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar, – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı üç qəpikdir. * * * “Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur. Keçən nömrələrinin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır. Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə, xəyanət tədarükü görülür”. Bu rəhmətliyin oğlu İsmayıl bəyin də iş-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa. Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi sarıbaşlı firqədaşları indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər; amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur. Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M. Toppuzov, – o camaatın içi boşdur. Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, – o millətin içi boşdur. Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz. Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, – hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar. Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər. * * * Budur bizim işlərimiz; biz buyuq. Amma özgələr bizi bir şey hesab edir. Mən ölüm, üstünü açma. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 aprel 1911, №4 * * * Altı milyon Osmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”. Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır: “Ah, nə gözəl təşəbbüs, nə gözəl iş!” Bizim bu barədə sox sözümüz var. Amma müsəlman qardaşlardan təvəqqə edirik ki, hər kəs bizi söyəcək, indidən söysün ki, söyüş kağızlarını oxumağa macalımız olsun, yoxsa sonra Kərbəla mövqufatı xüsusunda söhbət edəndə o qədər föhş kağızları üstümüzə töküləcək ki, oxuyub qurtarmağa fürsət olmayacaq. Ax, ay nainsaf şeyxülislamlar! Hər şey qurtardı, indi də Kərbəla qızlarına əl apardınız!!! Ax, aman Allah! Lağlağı “Molla Nəsrəddin”, 16 aprel 1911, №14 * * * Teatr Təəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq. Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar. * * * Məsələn, aprelin 25-də, Bakıda Mayılovun teatrında müsəlman cavanları opera oynayırdılar. “Kaspi” qəzeti yazır ki, müsəlman artistlərinin içində biri “Qəmərlinski” cənabları idi, biri “Ağdamski” cənabları idi, biri də “Sarabski” cənabları idi. Ancaq qalan oyunçular müsəlmanlar idi. Həqiqət, biz bu işə çox təəssüf edirik ki, nə səbəb bizim cavanlarda teatra o qədər də həvəs olmasın ki, gedib rus və polyak artistlərinə möhtac olaq: qabaqca saydığımız artistlərin adlarından görsənir ki, bunlar ya polyakdılar, ya rusdular. Bunun səbəbi nədir? Səbəb çox axmaq səbəbdir: belə ki, Üzeyir cənabları opera icad edəndə bakılılar elə başa düşdülər ki, “Opera” öpməkdən ibarətdir ki, yəni səhnədə oynayanlar oxuya-oxuya gahdan bir öpüşürlər də. Onun üçün də həvəskarlarımız operadan qaçdılar, biz də naçar qalıb polyaklara möhtac olduq. Lağlağı “Molla Nəsrəddin”, 1 may 1911, №16 * * * Zina Hər adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar, dindirirlər. Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. Yenə bir para yeddi arxadan dönənləri tünbətün düşmüşlər qələmi murdar əllərinə alıb müsəlman qardaşları mədəniyyət aləminə dəvət eləyirlər, maarif yoluna çağırırlar, oxumaq və yazmaq dünyasına itələyirlər və bunun kimi bizlərə yaraşmayan əməlləri nişan vermək istəyirlər. Bir istədim dinməyim, bəlkə hürüb-hürüb yorulalar və oxucularımız da görürlər ki, çoxdandır guşədə əyləşib bir söz danışmıram. Nə qədər istədim dinməyim, – olmadı! Axır bu haramzadalar bizdən nə istəyirlər? Yəni deyirlər elmimiz artsın? Çox əcəb, elmimiz artdı, bizim təbiblər də başladılar Erlix həkimin altı yüz altıncı davasını naxoşların canına tökməyə. Amma bilirsinizmi bunun mənası nədir? Bunun mənası odur ki, Allahın bəlasına gəlmiş kafir Erlix həkimin donquz yağından, nə bilim bəlkə it yağından qayrılmış və çaxır ilə qarışmış davasını həkimlərimiz başlasınlar müsəlmanların pak və müsəlman bədənlərinə töküb naxoşları kif azarından xilas eləsinlər, guya ki, nəuzübillah, nə Allah var, nə onun bəndələrindən xəbəri var, guya ki, nəuzübillah. Məhəmmədli şah göyə qalxıb, Allahlıq iddiası eləyir və biçarə Allahın başını elə qatıb ki, yazığın yadından bəndələr də çıxıb, onların naxoşluqları da çıxıb. Guya, xudanəkərdə kif azarlılarının ölməyi, dirilməyi napak erlixlərin əlindədir. Elm, elm, bu sənə elm! Dəxi sözün nədir? Yoxsa deyirsən ticarətimiz artsın? Bəli, nə eybi var, artsın! Yəni sənin sözün budur ki, tacirlərimiz islam millətlərinə kifayət eləməyib ticarətlərini Avropa şəhərlərinə yetirsinlər və oralardan mal gətirib, mal aparsınlar? Çox gözəl! Yəni sənin sözündən bu çıxırmı ki, müsəlman qardaşlarımız bir qədər dünya mənfəəti adına məcbur olsunlar aylarla nacins insanların içində qalıb onların murdar pişmişlərini və erməni çörəklərini yesinlər? Ticarət, ticarət, bu da ticarət. Yoxsa mədəniyyətdən danışırsan! Yəni Yaponiyadan ki, artıq olmayacaqsan? Amma Yaponiyanın nə vecinə; Yaponiya vəziri-muxtarı rus, ya fransız vəzirinin evində əcnəbi təamı yeməkdən qorxmur; çünki yaponiyalı nə anlayır din nədir, şəriət nədir! Amma ay müsəlman qardaş, sən necə razı olarsan ki, sənin müsəlman qardaşın adını diplomat, nə bilim nə zəhirmar qoyub, getsin kafirlər içində axirətini dünyanın beş günlük quru şöhrətinə satsın? Hamı mərhum Müzəffərəddin şah ola bilməz ki, Avropa səfərinə gedəndə hətta özü ilə mərsiyəxan aparmışdı və Vena şəhərinə çatan kimi sədri-əzəm Mirzə Əli Əskərxan hökumətə yazı ilə xəbər vermişdi ki, rəməzan ayı qurtarmayınca, şah min rükət nafilə namazını əda etməyincə, heç bir kəslə görüşməyəcək. Avropa qəzetləri bu xüsusda şirin məqalələr yazmışlar. Bu da sənə mədəniyyət! * * * Yoxsa qızlarımızın oxumağından dəm vurursan? Bax, bir qulaq as, gör sənə nə deyirəm. Sən indi hazırsan sübuta yetirəsən ki, qızların oxumağı vacib bir əmrdir. İndi gör mən sənə nə deyirəm. Belə tutaq ki, qızın oxudu oldu basavad; yəni əli qələm tutan, oxuyan ya yazan. Belə tutaq ki, bir gün sənin qızın bir kitabçı dükanına gəlib gördü ki, kitabların içində üç dənə gözəl cildlənmiş kitab var. Birini aldı əlinə ki, görsün nədir, baxıb gördü ki, başdan yekə hürufat ilə yazılıb: “Kəşfül-həqayiq”, təfsiri-qurani-şərif, Azərbaycan dilində, ikinci cild, müəllifi və naşiri: əqəllül-üləma Mir Məhəmməd Kərim, sədri-qubernski məclis və qaziyi-şəhri-Bakı. Sənin qızın haman kitabın 587-ci səhifəsini açsa görəcək ki, qaziyi-şəhri-Bakı Mir Məhəmməd Kərim ağa bir şirin rəvayət başlayıb; bu rəvayət bir kişi ilə bir arvadın zina eləməyi barəsindədir. Yazılıb ki, xəlifeyi-sani Ömər ibn Xəttab zamanında, Müğeyrət ibn Şəbə Bəsrədə vali olan zamanda Ümmcəmil Hüccac ibn-Ətikin arvadı ilə zina elədi; yazır ki, bunu dörd qardaş gördü və bunların hər birisi gördüklərini nə cür və nə təfsil ilə şəhadət etdilər. Qazı cənabları bu əhvalatı çox şirin nağıl eləyir; o qədər ləzzətli rəvayət edir ki, hər bir on yaşında müsəlman uşağı oxusa, atasının yanına gəlib deyəcək: “ata, məni evləndir, dəxi mən elmli və təcrübəliyəm, dəxi uşaq deyiləm, çünki Mir Kərim ağanın quranının təfsirində kişi ilə övrətin yatmağının və müqaribət eləməyinin hər bir əməlini və hər bir təfsilini öyrəndim, dəxi zifaf gecəsi mənə təlim vermək üçün yengə-zad lazım deyil”. Mir Kərim ağa bu işlərin cəmisini adbaad yazıb: yəni əvvəl nə eləmək lazımdır, sonra nə eləmək lazımdır. Xülasə, hamısını da utanıram deməyə, amma qazı cənabları nədənsə utanmayıb. Sözümüz yoxdur ki, Hacı Zeynalabdın cənabları xərc çəkib, Qazı Mir Kərim ağanın təfsirini çapdan çıxardıb ki, satılan kitabların pulu qazıya çatsın; amma biz bunu deyirik ki, əgər bu təfsiri millətimiz üçün hacı cənabları mənfəətli bilirsə, qoy elədə razı olsun həmin kitabı bir nəfər Allah bəndəsi vursun qoltuğuna, gəlsin cənablarının əhli-xanəsinin içində yuxarıda ad verdiyimiz 587, 588-ci səhifələri oxusun. Əgər hacı cənabları razı olsa, o özgə bir işdir. Amma razı olmasa (və yəqin ki, razı olmaz, çünki heç bir həyalı üçün razı ola bilməz), bəli, əgər razı olmasa, o vədə biz məsləhət görürük ki, hacı cənabları qazını çağırıb desin: – Ağayi-mən, zina iki qismdir: biri zinayi-qeyri-mühəssən, birisi də zinayi-mühəssən. Yazıçılıqda da zina iki cürdür: biri zinayi-qeyri-mühəssən, biri zinayi-mühəssən. Mənası budur: müqəddəs bir kitabın səhifələrində fahişəxanalarda danışılan sözləri yazıb çapa vermək – qələm zinasıdır. Balaca oxucularımızdan üzr istəyirəm! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 iyul 1911, №25 * * * Mustafabəy Əlibəyov Bakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”. Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir. Yaxşı, müsəlmanca oxuyaq. Başdan belə yazılıb: “Şu bir neçə gündən bəri İranın mövqeyi o qədər kəsbi-nəzakət etmiş ki, insan orada cərəyan edən əhval və vüquatı tədqiqdə davam etdikcə əldə etmək istədiyi həqiqətə təqərrüb etmək yana dursun, biləks getdikcə ondan təbaid edərək özünü xəyalət və mövhumatla qarışıq ümmani-müşkilat içində qeyb edir”. Mən başdan bu sözləri oxudum və istədim bir şey başa düşüm, amma nə qədər çalışdım ki, başa düşüm, düşə bilmədim; bir də oxudum, yenə başa düşmədim, sonra qəzeti çöndərdim ki, görüm rusca nə yazılıb. Rusca da belə yazılmışdı: “Korifey naşey literaturı i znamenitıy advokat Mustafa-bek Alibekov mnoqo raz razreşal sporı mejdu Qorkim i Andreevım i samomu Tolstomu çital notaçiyu o nravstvennosti. On neskolko raz vıstupal protiv Plevako, Karabçevskoqo i Qadji Quseyn Aliya”. Bu sözləri rusca bir tövr oxudum, başa düşdüm; çünki hərçənd rusca bircə il oxumuşam, müsəlmanca on dörd il oxumuşam, amma yenə başa düşdüm: yazır ki, Mustafabəy çox böyük adamdır. Amma bunlar hamısı çox gözəl; bəs nə cür bilir ki, mən on dörd il dərs oxumuş adam rus-müsəlman qəzetini əlimə alım, müsəlmanca oxumağa aciz olum, rusca oxuyum?! Söz yox ki, heç bir müsəlmanın qeyrəti qəbul eləməz və mənim də qeyrətim qəbul eləmədi və qəzeti çöndərib yenə müsəlmanca oxumaq istədim. Dalınca belə yazılıb: “Vaqeən hüriyyət sədayi-dilfiribi da guşi-əhrarə müjdərəsan olduğu gündən bəri İran bir çox fəlakətlər və böhranlar keçirmiş, ancaq iki il bundan əvvəl bir inhizami-namə düçar olmaqla kəmali-rəzalətlə əcanibin ziri-cinahinə iltica etmək kibi bir alçaqlığı qəbulə məcbur olan bir dəninin bu gün zəfəryab olaraq İranın mehdi-hüriyyəti olan Tehrana doğru irəlilədiyini görmək qədər bir böyük müsibətə giriftar olmuşdur. Əgər “Nicat” qəzeti bu yazıları çap edəndə elə xəyal eləyib ki, bu bir dildir və yer üzündə bu dili qanan bir tayfa var, onda biz idarədən yalvarırıq ki, bu tayfanı bizə nişan versin, ya da ki, idarəyə məqalə göndərən qara gözlərinə qurban olduğum qaragözovların “valapyuk”larını qəzetə doldurmasınlar. İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! İndi müsəlman qardaşlar sizdən xəbər gözləyir ki, sadə yazı vasitəsilə müsəlman qardaşlarımıza xidmət edəsiniz. Vallah müsəlmanlar yazıqdırlar!!! Xülasə, taraqqalı sözlərin parta-partından beynim yorulandan sonra, çöndərdim rusca yazılan səhifəni: “Etot qeniy liçemeriya v malenkoy statye bezçislennoe mnojestvo raz upominaet Osobu Monarxa o poet xvalebnıe odı po adresu Taqievskoy tyurmı, çtobı Qadji poruçil yemu svoyu zaşitu”. Bu sözləri yazandan sonra və hələ bundan savayı çoxluca yenə belə-belə bic-bic sözləri yazandan sonra “Sırtıq” cənabları axırda biçarə Mustafabəy Əlibəyova gör nə deyir: “O, velikiy um, Mazandaranskiy qeniy, Darabizanskaya znamenitost, Çemberekendskiy professor, Zıxskiy literator”. De, de, de, mən ölüm de! De ki, ay Allah bəndəsi əsil müsəlman qardaş, ay həmişə gah Allah-taala dərgahında, gah böyüklər qabağında beli ikiqat duran müsəlman qardaş, ay dünyanın iki qəpiklik mənfəətindən və şöhrətindən ötrü Hacı Zeynalabdınların çəkmələrini vaqsılıyan advokat cənabları! Ay biçarə müsəlman, niyə dinc durmursan ki, sırtıq oğlu sırtıqlar səni qəzetlərdə biabır eləsinlər? Mustafabəy ilə işimiz yoxdur, mətləb müsəlman və rus yazıçısı barəsindədir. Onu istəyirdim deyəm ki, “Nicat”ın 36-cı nömrəsində Qaragözov Məhəmməd Əli Mirzə xüsusunda yazdığı məqaləyə o qədər acı bibər salıb ki, insan oxuyanda gözlərindən yaş gəlir. Bibəri az olsaydı, islam qardaşlarımız da oxuyub bəhrəmənd olardılar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 aprel 1911, №28 * * * Məhəmmədəli Mirzə Burada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır. Gələk mətləbə. İranın indiki övzaı bu qərar ilədir, yalnız qərarı bu övza ilədir, – hər nə cür desək olar; inanmırsan, Osmanlıda il yarım veyillənib qayıdıb gələn yazıçılarımızın məqalələrinə bax. Bəli, Salarüddövlə başına, bir rəvayətə görə on yeddi min qoşun yığıb, bir rəvayətə görə yüz altmış atlı yığıb, dörd top ilə Tehrana yeriməkdədir. Amma Allah rast saldı ki, rəməzan ortalığa düşdü və məlumdur ki, orucluq ayı iranlını öldürsən də, bir iş görməz və rəcəb ayının axırıncı günləri sərbazlar əllərində tüfəng, yol gedə-gedə axşam vaxtları göyə baxmaqda olurlar ki, təzə ayı görsünlər və görcək haman axşam tüfənglərini aparıb böyüklərinin üstünə atıb gedirlər evlərinə; necə ki, Qarabağın kəndlərində otuz gün orucluğu xərmənlər sahibsiz qalır, buğdanı yağış bir yandan çürüdür, mal və quş bir yandan yeyir və ağzıoruc qonşuları da bir yandan oğurlayır. Hə, sözümüz harda qaldı? Nəzər xan Varşavada qəhbələrdən üç min qoşun yığıb, gəlir İrana və Qafqazdan keçəndə Nuxaya dönüb, Nuru əfəndidən xeyir-dua alacaq. Məhəmməd Əli Mirzə bu saat Şahruddadır və başında on min qoşun var; bu qoşunlar Şahruddan oyana getməzlər. Tehrana yavıqlaşan zaman Məhəmməd Əlinin iki mindən artıq qoşunu qalmayacaq. Bu da bir şey deyil; qələt eləyir. Hökumət tərəfində topxanadan əlavə beş min bəxtiyarlılar var və bunlar keçəndən sonra Məhəmməd Əli Mirzənin dostu irəvanlı Zakir təxəllüslü bir Hacının qızının əhvalatı köhnə şahı dilgir eləyibdir. Belə ki, indi bu saat damağı zəhrimar dadır. Bununla belə Məhəmməd Əlinin fikri budur ki, “Sarı” tərəfindən Astaraya və sonra Ərdəbilə keçsin və Qafqayda butqaçı Məşədi Rəhim göndərən dəstələrlə birləşib Qaracadağdan şahsevənləri götürüb, Tehrana hücum çəksin. Astarada Məhəmməd Əli Mirzə mömün hacılardan köhnə müsəlman qəzetlərini yığacaq ki, tüfəng lüləsinə basılmağa lazım olsun və buradan Hacı Rəsula bir məktub yazıb yola düşəcək. Məhəmməd Əli məktubunda yazacaq ki, “Ay cənab hacı, sən ki, həmişə məclislərdə dərs oxuyan müsəlman qızlarını pisləyirsən, deyirsən ki, oxuyan qızlar belə-belə olurlar, bəs sənin ki, qızın oxumayıb, bəs bu nə işdir ki, görüb?” Yenə istəyirəm yazım, qorxuram Nuxada Qasım dayı bəddua eləyə, ağzım-gözüm əyilə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 avqust 1911, №29 * * * Osmanlı ilə İtaliya davası Oxucularımıza ərz olsun ki, Afrika qitəsinin şimal tərəfində, Ağ dənizə yapışıqı Osmanlının bir vilayəti var ki, ona avropalılar “Tripolis” deyirlər. Amma türklər “Trablisi-qərb” adlandırırlar (Türkiyədə, Beyrut vilayətində Osmanlının “Trablisi-Şam” adında bir şəhəri də var). Trablisi-qərbin əhvali-tarixiyyəsi çox qarışıqdır, burada çoxlu davalar, iğtişaşlar üz verib; əgər hamısını yazsaq, idarəmizə göndərilən uzun məqalələrə yer olmaz. Ancaq müxtəsərcə bunu ərz edək ki, Trablisi-qərb tarixi-miladiyyənin 1835-ci ilində ikinci dəfə Türkiyə hökuməti tərəfindən fəth olunub, Osmanlı məmləkətlərinə daxil olubdur. Və bu 75 ilin müddətində, Sultan Həmid əsrində çapdan çıxan kitabların rəvayətinə görə, bu vilayətin asayiş və hüsni-idarəsi mühafizə olunubdur. Amma Allahın kitabına baxanda Trablisi-qərbin osmanlılara xidməti məhz bu olubdur ki, Həmidin və paşaların hərəmxanalarına bu vilayətlərdən çoxluca qullar göndərilibdir. Bəhərhal, Trablisi-qərb osmanlılarındır. Bəs görək İtaliya nə istyir? Vallah, biz heç bilmirik nə istəyir. Ancaq elə onu eşitdik ki, İtaliya hökuməti qəfildən gəmiləri göndərib, Trablisi topa tutublar və indi bu saat şəhəri zəbt eləyib, girib oturublar içində. Belə bihəyalığı, biz heç seyid Ağada da görməmişik. Keçək mətləbə. Trablisi-qərb vilayəti 230 ilə 330 ərzi-şimal və 60 ilə 230 tulişərqi aralarında düşüb, hüdudu – şərqdə Misir, şimalda Ağ dəniz, qərbdə Tunis, Səhrayi-kəbir və cənubda yenə Səhrayi-kəbirdir. Amma bir neçə il bundan əqdəm Qarabağda “mejevaniye” olanda, yəni Gəncə məhkəməsi məxsusi yerölçənlər vasitəsilə əhalinin mülklərinin sərhədlərini kəsib aparıb ta gedib çıxdılar Trablisi-qərb məmləkətinə. Bu səbəbdən Trablisi-qərbin hüdudu indiyə kimi “spornı” qalmışdı ki, axırda İtaliya da özünü soxdu ortalığa. Trablisdə əhalinin miqdarı bir milyondan bir az əskik və məsaheyi-səthiyyəsi bir milyon mürəbbe, kilometrdən bir az artıqdır. Burada məktəb yoxdur, amma üç min məscid var. Qabaqlarda da qızları məktəbə qoymazdılar; amma axır vaxtlarda ki, Bakıda müsəlman qəzetləri qızlarımızın oxumağını lazım bilib yazırlar, o vaxtdan bəri Trablisdə də qızlar o dərəcədə azadlıq qazandılar ki, İngiltərə xanımları hökumətə qarşı durub, yumruq gücü ilə ixtiyarat tələb edəndə yer üzərində hamıdan əvvəl Trablis qızları baş qaldırdılar (islam millətinin qız tərbiyyəsinin bərəkətindən). İndi hələ İtaliya nə deyir? Heç zad demir, elə bircə bunu deyir ki, “mən güclüyəm”. Amma zalım oğlu qabaqdan bunu duymuşdu ki, Almaniya da buna razıdır. Avstriya da razıdır. Ay bic haramzada, bircə düşəsən əlimə, səni göndərim Səmərqəndə, səni orada “bozbala” bəzəyib verələr ağsaqqalların, çalsaqqalların, qarasaqqalların əlinə, rəməzan gecələri oturalar səninlə söhbətə, sonra yatıb səhər tezdən də durub çıxasan bazara, “Qadji Qafqar”ın İstambul söhbətinə rast gələsən. Ax, namərd İtaliya! Ax, çort, mort, lənətə gəlmiş! * * * Hərbiyyə mütəxəssislərindən Trablis ilə gözəl aşina olan bir zat “Fr.Saytunq” qəzetində deyir ki, “Trablisin müdafiəsində türklərlə bərabər yerli ərəblər ən şiddətli bir qüvvə təşkil edirlər. Ərəblər 18 yaşından 60 sinnə qədər həpsi əsgərdir. Böylə ərəb əsgəri hər halda 30-40 min nəfərə baliğdir ki, osmanlı əsgəri ilə bərabər 60 min nəfər kütleyi-əsgəriyyə təşkil ediyor deməkdir. Mahmud Şövkət paşa həzrətləri tərəfindən üç sənədən bəri islah edilən və son sistem toplar və metrolyozlarla müsəlləh olan bu əsgər italyanlara yüngül mal olmayacaqdır”. Hələ bundan savayı türklərin iki tərəfdən böyük arxaları var: biri İrəvanın Səbzkar bağlarının sahibləri ki, peşələri qəmə və xəncərlərini müsəlmanlara göstərməkdir, biri də Əmiri-Buxara həzrətləridir. O ki, İrəvan bağbanlarıdır, bunlar gözləyirlər ki, on dörd şahı üç qəpikdən ötrü vuruşan molla Əli Şəraye ilə Hacı molla Bağırı barışdırıb, sonra köməyə getsinlər. Əmir həzrətləri də bu barədə üləmaya müraciət edib, məsləhət soruşub, axırda belə tədbir töküblər ki, Buxara müsəlmanları tərəfindən Osmanlıya zeyldəki qərar üzrə kömək göndərilsin: Kəştiyi-cəngi zirexpuş, yəni təşxisi-təmyizi-xuni-flan əz xuniflan. Tupe-səriül-hərəkə – təhqiqi-məsaili-cənabət. Teleqrami-bisim – ədayi-hüruf əz məxaric. Telefon – istibra. Qramofon – şəkkiyyat. Kəştiyi-həva – xurusi-ərş. Vağon – adabi-beytül-xəla rəftən. Avtomobil – əməleyi-mövta. Konkeyi-elektrik – xəri-Dəccal. Velosiped – intizar dər təşhid. Karxaneyi-mahud və qeyrə. Vodokaçka – dər miqdare abe korr. Kəştiyi-təhtül-bəhr – qosne irtemasi. Adres: Turçiya, Nadjaf obşestvo. İmza: Biədəb uşaq. * * * Mabədi çox var: ğar, ğar; yəni zəhrimar. Bu Molla Nəsrəddin, deyəsən, dəli olub?! Pənah Allaha. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 oktyabr 1911, №34 * * * Zorrama qiraətxana Qiraətxanalar iki cürdür: bir cürü elə qiraətxanadır ki, çox yerlərdə açılır ki, camaat gəlib burada qəzet oxusun, bu qisim qiraətxanaya məhz qiraətxana deyilir. Amma bir cür qiraətxanalar da var ki, adına zorrama qiraətxana deyirlər. Məsəl gətirək: Ağdaşda, məsələn, bir nəfər şəxs, məsələn, Ağarəhim Abdullayev “İrşad” gətirdib oxuyur. Poçtdan hələ qəzeti almamış qəssab Cəbrayıl kəsir qapının ağzını: hı, a balam, xeyirdirmi bu tezdən? – Xeyir olmamış nədir, gəlmişəm ki, qəzet oxuyam. – Balam, hələ poçtalyon qəzeti gətirməyib. Bir saatın içində buraya otuz adam yığışır və hamı gözləyir ki, poçtdan “Yeni İrşad” gəlsin oxusunlar. Uzaqdan baxanda seyr eləyirsən ki, əvvəla, müsəlman qardaşlarımız oxumağa nə dərəcədə hərisdirlər, ikinci də buna fəxr eləyirsən ki, ağdaşlı vətəndaşlarımız qənaətin yolunu biləndirlər. Cünki əgər bunlar italyan olsaydılar, insafa gəlib öz-özlərinə deyərdilər ki, “Çox əcəb, bu Ağarəhim ki, cibindən yeddi-səkkiz yüz manat göndərib qəzetə müştəri olur, yəqin ki, bu adam dəli-divanədir. Hə, qoy görüm sözüm harda qaldı? Onu istəyirdim deyəm ki, Ağdaşda və Ağdaşdan savayı çoxluca müsəlmanlar da çoxluca belə-belə zorakı qiraətxanalar var. Məsələn, sənin heç xəyalından da keçmirdi qiraətxana açasan. Amma görürsən poçtalyon gələnə yaxın qapıya otuz nəfər qəssab Cəbrayıl yığışıb. Buna deyirlər: “Zorrama qiraətxana”. Cırcırama “Molla Nəsrəddin” 8 oktyabr 1911, №35 * * * Tap görüm Oxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur. İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar. Kağız sahiblərinin hər birisinə əlahiddə cavab yazmağı mümkün edə bilmədik; onun əvəzində burada öz mülahizəmizi yazırıq ki, hamıya cavab hesab olunsun. Osmanlıların, ümumən, dalı düşməsinə və “xüsusən” italyanlara basılmaqlarına üç səbəb var; ikisi bizə əyandır, amma biri Allah yanındadır. Bizə aşkar olan səbəblərin biri budur ki, osmanlılar ilə İtaliyanın davası elə bir yerdə düşüb ki, oraya osmanlıların qoşun göndərməyə yolları yoxdur; su üstündə dava eləməyə və düşmən qabağında dayanmağa dava gəmiləri lazımdır və axırıncı məsələdə osmanlılar italyanlardan çox zəifdirlər. Bu bir. Bizə məlum olan ikinci səbəblərin biri də budur ki, türklər nahaq yerə Həmidi taxtdan saldılar, lap nahaq yerə, yenə də nahaq yerə! Bir neçə il bundan əqdəm Həmidi Salonikə göndərəndə lənkəranlı Molla Məhəmməd demişdi ki, Osmanlı hökuməti Həmidin və şamaxılıların bəd duasının təsirindən bir bəlayi-nagəhana giriftar olacaqdır. O vədə bu sözləri gülünc hesab edirlər. İndi bə necə oldu?! Üçüncü səbəb də Allah yanındadır. Dünyada heç kəs sahibsiz deyil, osmanlının da bir yaradanı var, italyanın da Allahı var. Dünyada bir iş baş verə bilməz ki, xudavəndi-aləmin ondan xəbəri olmasın. Əgər Osmanlı döyülür, – bu sirr Allah yanındadır; əgər italyanlar Trablisi zəbt edib günahsız müsəlmanların qanını tökürlər, – bu da Allah məsləhətidir; bizə dəxli yoxdur. Lakin oxuculardan iki təvəqqəm var; biri budur ki, Quba qazısı Axund Molla Zəki cənabları “Nicat” qəzetində müsəlmanların dalı qalmasının (nə bilim “inhitat” deyir, nə deyir, onun) səbəbini yazmışdı; yəni xudanəkərdə yazmışdı ki, müsəlmanların qaranlıqda qalmaqları[nı] adlarını molla qoyanlar törədir (sən Allah sözə bax). İkinci təvəqqəm də budur ki… budur ki… bıy! Yadımdan çıxdı! Neynək, qoy barı bir tapmaca deyim. Tapmaca Yorğan ağırdı, göz yuxuludu, Bədən süstdü, gözü açılır-yumulur. Dəyən dəyənəkdi, çomaqdı, Demə vuranlar axmaqdı. Tap görək, Yetim cücə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 oktyabr 1911, №36 * * * Ad Sən çalış adın bədnam olmasın. Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi. Amma qalanlarına sözün nə?! Qalanlarının heə biri özünü müsəlmana oxşatmır və yaxşı da eləyir: çünki müsəlman bədnam olubdur. Sən çalış, adın bədnam olmasın, yoxsa əməlin ötüşüb keçər. Məsəl gətirək. Osmanlı Trablisdə vuruşma vaxtı ittifaqən bir xaçpərəst övrətinin, ya uşağının qətlinə bais olanda Avropa qəzetləri səs-səsə verib çığırışırdılar: – Ay vəhşi müsəlmanlar, ay qan tökən şərqlilər! Bunun səbəbi budur ki, osmanlının adı osmanlıdır. Amma indi italyanlar osmanlılara basılandan sonra, özləri o qədər vəhşilik, o qədər yırtıcılıq göstərirlər ki, insan az qalır iyrənsin. Bəs axır bunlar deyirlər, biz tərbiyəli millətik, biz mədəniyik, biz italyanıq, nə bilim biz it yalayanıq?! Bəs bu qədər namərdlik, bu qədər günahsız ərəb əhalisinin qanını sormaq hara, avropalılıq hara?! A qurumsaq, bəs bu nə işdir? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 oktyabr 1911, №37 * * * Qan hamamı Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”. * * * A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma). * * * Xülasə, dəxi nə başağrısı verim, mənim vaxtım yox idi qəbr üstə gedim; ağanın əqrabası gərək məni bağışlasın. Bu saat gedirəm müsəlmanların mitinqinə, deyirlər bizim də qafqazlılar osmanlıları yada salıb qüssələniblər və hərçənd ki, osmanlılar bizim dinbir qardaşlarımızdır, amma danabaşlı Hacı Hüseyn Əli and içərdi ki, İstambuldan Məkkəyə gedəndə bir osmanlıdan çörək aldım ki, yeyim, amma mübarək boğazımdan keçmədi, dedim bəlkə murdardır. A sənin o boğazına Fatma xalanın canı qurban olsun, praqalılar din ayrı ola-ola, min-minlərcə bir yerə cəm olub ərəblərin qırılan uşaqlarına ağlaşırlar, sən hələ yenə “xər həmən xərəst”. * * * Mən bilmirəm, bəlkə günahkar bəndələrdənəm? Elədə müsəlman qardaşlar mənim günahımdan keçsinlər. Amma elə güman edirəm ki, yer üzünün cəmi millətləri bu saat və bu dəqiqə italyanlara lənət oxuyanda biz müsəlmanlara yaraşar ki, nahaq qan tökməyi özünə rəva görən italyan millətini biz gərək Məhəmmədəli və Rəhim xan kimi murdar bir şey hesab edək ki, adam əlini vuranda yumaq lazım gəlsin. Biz, “Molla Nəsrəddin” yazıçıları da burada bir neçə söz demək istəyirik. Altı ildir ki, biz öz müsəlmanlarımızın şəklini çəkib özümüzə nadan və vəhşi ad qoymuşuq və jurnalımızı dağıtmışıq yer üzünə ki, hər yanda müsəlman qardaşlar oxuyub, özlərinə tamaşa eləsinlər və yəqin ki, bu nömrələrin bir neçəsi İtaliyaya gedib çıxıb, orada hərdənbir jurnalda, Gəncə cavanlarının, Bakı qoçularının, Qarabağ quldurlarının və İran seyidlərinin şəkillərini və əhvalatlarını görəndə italyanlar neçə dəfələr öz aralarında deyiblər ki, “bax, bu namərd müsəlmanlar necə qaniçən və yırtıcıdırlar”. Yəqin ki, italyanlar bizim barəmizdə neçə dəfə belə-belə sözlər danışıblar. Dəxi nə deyim, dilim laldır. Doğrudur, mən italyana deyirəm ki, Avropa millətlərinin cırısan, bicisən, sən elmli, tərbiyəli avropalı deyilsən; sən cırsan, necə ki, meyvə ağaclarının cırı olar, meyvə gətirməz; sən bicsən, sən Xorasan siğəsindən əmələ gəlmisən. Sən flansan, behmansan. Amma gör italyan mənə nə deyir, deyir: “Sən də Qafqaz müsəlmanısan, yer üzünün millətlərinin ən qanmazısan”. Və dəlil də bunu gətirir ki, Naxçıvanda bir həyətdə toyda da musiqi çalınanda mömin müsəlmanlar molla ölüşgəmişi mindiriblər faytona, üzünə bir dəsmal salıblar ki, imama oxşasın, qulaqlarını tıxıyıblar ki, şeytan toyunu eşitməsin və ovsanatdan düşməsin və bu minvalla aparıblar Danabaş kəndinə. Dəxi nə deyim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 oktyabr 1911, №38 * * * Fındıq Keçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”. * * * Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə” O gün ki, Osmanlının rəşid əsgərləri ərəblərlə birləşib, İtaliya qoşununu torpaqdan basıb tökdülər dəryaya və yarısını da qırıb, çox silahlarını zəbt elədilər, haman gün İtaliya hökuməti bilmədi ki, nə eləsin və baxıb-baxıb birdən xəbər verdi ki: “Bay, mən fındıq tapdım”. Londonda, Parijdə, Berlində, Vyanada və Peterburqda qəzetlər həmin fındıq məsələsini yada salıb, İtaliyanın üstünə o cür gülürlər, necə ki, küçədə yoldan keçənlər bir tumançaq kefliyə rast gəlib gülürlər; necə ki, Teymur xan şurada köhnəpərəstlər laməzhəblərin və məktəbə pul yığanların üstünə gülürlər. * * * Vallah, adam utanır, amma İtaliya utanmır; molla Məhəmməd Lənkərani utanır, İtaliya utanmır; müsəlman qəzetlərinin pulları ilə ticarət edənlər utanırlar, İtaliya utanmır; Buxarada sadə əhalini pambıq çəkisində aldadan yəhudilər utanır, İtaliya utanmır; İrəvanda səkkiz yaşında qıza kəbin kəsən molla utanır, İtaliya utanmır. Astarada… Qalsın sonraya. Lağlağı “Molla Nəsrəddin”, 30 oktyabr 1911, №38 * * * Keflənmək Doxsan ikinci ildə vəba naxoşluğundan camaat qorxuşanda həkimlər keflənməyi məsləhət bilirdilər; elə, doğrudan da, mən görürdüm ki, çaxır ya araq içib keflənənlər kefləri kök, damaqları çağ gəzirdilər və küçələrdə düşüb qalan ölüləri görüb nə qorxurdular, nə qüssə eləyirdilər. Hər kəs ki, istəyir fikir eləməsin, keflənsin. Keflənmək – canqurtarandır. Onunçün İrəvanın cavan xanları səhərdən-axşama kimi və axşamdan da səhərə kimi çaxır içib keflənirlər. Bunların keflənməyinin mənası var; bunlar keflənirlər ki, seyid Məhəmmədağanın yerinə şeyx Fəzlullahi-saninin təyin olunmağını özlərinə dərd eləməsinlər; odur ki, iki xan bir yerdə olanda gərək butulkalar düzülələr ortalığa və bu səbəbdən ruslar meyxanaya “Duxan” deyirlər, yəni farsca “iki xan” Nəzm Hər şəxsi görəndə onu insanmı sanırsan? Kölgə kimi qansızları sən canmı sanırsan? Meyxanədi xanın vətəni, yəni duxandır, Huşu ola başında, onu xanmı sanırsan? * * * Sən deyirsən cənub tərəfdən İrana soxulan ingilis qoşunu bir də geri qayıtsa, gərək elədə dəvə də buynuz çıxarda, qroznılı Molla Haşım da ruznamə oxumağı rəva görə, bir dövlətli müsəlman öləndə maarif yolunda bir qədər pul ehsan edə; yoxsa: Millət belə gəldi, maarif belə getdi, Bu sözləri biz millət şayanmı sanırsan? Pul sərf eləyir məktəbə Hacı Əsədulla, Böylə əməli yoxsa ki, ehsanmı sanırsan? * * * Həqiqət, keflənmək olmasa, padşahlıq duması bir para lüt-müt demokrat vəkillərin nitqlərini adam oxuyanda istər ki, özünü vurub öldürsün. Allah Timoşkin dadaşa ömr versin ki, ağzını açan kimi yenə bir az gülürsən, ürəyin açılır; məsələn, keçən günləri Finlandiya məsələsi dumada danışılanda Timoşkin yerindən qalxıb deyir ki, Finlandiya milləti rus çörəyi yeməkdən şişib qızıxıblar, necə ki, Rusiya tatarları Qafqazdan toplanan ianəni yeməkdən (yainki torpaq yeməkdən) şişiblər; necə ki, şair deyib: Aclıq Tatarıstandadı, milyon cibimizdə, Aclara qəpik verməyi asanmı sanırsan? Gəl bir qulaq as, gör nə deyir dayi Timoşkin, Doğru sözü, qardaş, yenə böhtanmı sanırsan? * * * Yoxsa, mən bəzi vaxt təəccüb elərdim ki, nə üçün bizim müsəlmanlar xaçpərəstlərdən də artıq içib keflənirlər. Keflənmək olmasa, bu qədər dərdi çəkmək mümkün deyil. Zarafat qalsın kənarda, elə deyəsən, doğruya oxşayır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 noyabr 1911, №39 * * * Təsəlli Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmlədən, səbr və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə!… Amma elə də olur ki, birisinin başına bir müsibət gələndə, yenə bir yandan bir qəlb təskinliyi olur: əgər sənin elə bir övladın var idi ki, səni də, qonşularını da təngə gətirmişdi, əgər sənin elə bir qardaşın əlindən gedib ki, həmişə ona baxanda utanardın; əgər sənin elə bir qohum və yavıq adamın vəfat edib ki, sənin üçün həmişə xəcalətlik mayəsi idi, – sən belə bir fövtü dərd edəndə, sənə deyəcəklər ki, “a balam, çox da qüssə eləmə, o başı küllünün dünyada yaşamağı sənin üçün onsuz da bir dərd və bəla idi. Dəxi təsəlli tap, dəxi çox ağlama!”. * * * Qəzvin şəhərini biz mülahizə edək necə ki, bir toyuq-cücə həyəti, şəhərin övrətlərini mülahizə edək necə ki, həyətimizdə qara toyuqlar. Bu toyuqların içində tək bircə xoruz var ki, adı müctəhid Şeyx İsadır. Uzaqdan baxanda 80 yaşında, uzun saqqal və saqqalının ucu da miz bir insandır; amma həqiqətdə bu bir dənə ları xoruzdur ki, düşüb Qəzvin toyuqlarının içinə və bu övrəti görəndə, – buna zornan siğə oxuyur, o övrəti görəndə, – ona zornan siğə oxuyur. Bir biçarə övrətin ki, Şeyx İsaya bir işi düşür, gəlir ağanın xidmətinə, ağa deyir: “məni vəkil elə”, əgər övrət vecə gələndir, axşam şeyx övrətin qapısını döyür. – Şeyx, nə qulluq? – Mənim burada halal övrətim var? – Necə övrət, nə övrət? – Bəli, övrətim var; bu gün özü məni vəkil eləyib, mən də siğəsini oxumuşam özümə. Qəzvində müctəhid Şeyx İsadan savayı dəxi elə bir məmur, elə bir hökumət idarəsi yoxdur ki, övrət gedə ora şikayətə və şeyxin əlindən xilas ola. Allah yuxarıda, padşah uzaq!.. Hərçənd ki, bu qaydanı elə İran padşahları qoyublar, mən çox təvəqqə edirəm müsəlman qardaşlardan mənə bir xristian, ya bütpərəst şəhəri nişan versinlər ki, orada da o qədər fahişə övrət tapıla bilsin, nə qədər ki, məsələn, Qəzvində tapıla bilir və Avropa şəhərlərində elə bir lotu nişan versinlər ki, qoçuluqda və xoruzluqda müctəhid Şeyx İsaya çata bilsin. Bu ağa həmişə fəxr eləyə-eləyə deyir ki, “mən bu yaşa çatmışam, bircə dəfə də dəstəmaz ilə namaz qılmamışam”; yəni məsələn, flan… Oxuculardan rica olunur ki, xristian və bütpərəst tayfalarının içində elə bir haramzada nişan versinlər ki, biclikdə və avamünnası soymaqda qəzvinli Seyid Məhəmməd vələdi-Badiyə oxşasın. Di gəlin ağa imamzadaya təşrif aparanda görün ki, biçarə müsəlman qardaşlar ağa mindiyi eşşəyin quyruğunu necə öpürlər! Elə dərd var ki, dəxi onun qabağında səbr, hövsələ mümkün deyil; amma elə də olur ki, adam az qalır desin: cəhənnəmə getsin belə vətən ki, onun adı Qəzvindir! Məsələn, hər kəs mənə desə “qəzvinli”, daşı yerdən götürüb başını əzərəm. * * * Bu bir neçə sözü burada ondan ötrü yazıram ki, hər nə qədər özgələrdən küssək, gərək bir az artıq da özümüzdən küsək. O səbəbə ki, indiyədək bizə hər kəs deyib “ay qəzvinli”, biz fəxr eləmişik; amma gərək utanaydıq, utananda da bunu gərək qabaqca bilə idik ki, vətən qorxuya düşəndə, bizim üçün böyük təsəlli olacaq ki, hər nə olmuş olsa, yenə xudaya şükr olsun ki, müctəhid Şeyx İsalardan xilas olacağıq. Bəlkə beləliklə Şeyx İsa kimi dağlar rəxnə tapalar. İndi bilirəm ki, bu sözün qabağında mənə yazacaqlar ki, bəs ay Molla odur ki, qabağında Şeytanbazarı qoyursan, gedib çıxırsan Qəzvinə. Bəs bunu niyə gizlədirsən ki, Tiflisdə erməni-müsəlman davasında camaat Xalatov karvansarayına dolanda “Ağa” əyləşmişdi akoşkanın qabağında və qorxuya düşən yazıq müsəlman övrətlərinə tamaşa edə-edə deyirdi: “Pəh, pəh, pəh! Nə iftar malıdı!” Bu qalsın gələn dəfəyə. Xalqı məzəmmət edə-edə, biz də özümüzü qoyduq naqqallığa. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 noyabr 1911, №40 * * * Qohumluq Darvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”. İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər. Niyə küçədə bir yad adamı görəndə və onnan bir neçə dəqiqə danışandan sonra, mənim ona qanım qaynayır? O səbəbə ki, biz qohumuq, insanlarıq. Nə qədər Salyan qazısı çalışdı ki, Lənkəran progimnaziyasını bağlatsın, yenə Lənkəranda Molla Məhəmmədin dost və xeyirxahı az deyil. Nə qədər Molla Sədrəddin Sofiyov, Hacı Yusifi incitsə və Molla Nəsrəddini aldatsa, yenə Hacı Yusif və Molla Nəsrəddin – Molla Sədrəddin əmioğlunun əmioğlanları və qohumlarıdır və bir atadan və bir anadan törəyənlərdir. Götürək Məhəmməd Əlini! Dünyada bu məlunu tanıyan bir də Məhəmməd Əli adı çəkiləndə əlini uzadır tumanın bağına. Amma Tiflisdə rus dilində nəşr olunan “Tiflisski listok” Məhəmməd Əlini o dərəcədə dost tutur ki, İranda məhz Məhəmməd Əliyə kömək çıxmaq üçün bir müxbir saxlayır və gündə bir yalan yazır ki, “Məhəmməd Əli şah belə oldu, Məhəmməd Əli şah elə oldu”. Məsələn, axırıncı nömrəsində “Tiflisski listok” yazır ki, guya Sərabda əhalinin hər bir silkindən nümayəndələr gəliblər rus konsulunun yanına və ərz ediblər ki, İranın xoşbəxtliyi dübarə Məhəmməd Əli şahın İrana padşah olmağından asılıdır. Niyə “Tiflisski listok” belə yazır? Ondan ötrü ki, insanlar bir-birilə qohumdur, savayı ondan ki, Nəsrəddin şah otuz altı il bundan əqdəm Tiflisdən Avropaya keçəndə, necə ki, deyirlər, Tiflisdə bir neçə gün qalıb və Tiflis yazıçılarına qonaq olub. Məlumdur ki, o vədələr də “Tiflisski listok” təzə başlayırdı çıxmağa və dünyada nə qədər gözə görünməyən sirrlər və hikmətlər var ki, pərdə dalındadırlar… Yainki götürək Ərdəbil müctəhidi Şeyx Əli Əkbər ağanı. Osmanlı və İtaliya davası düşəndən indiyədək gün olmur ki, ağa məsciddə deməsin ki, “Xudavəndialəm o babi cavan türklərə qəzəbini aşkar etdi; çünki o zülm ki, onlar o büzürgüvar Şah Sultan Həmid həzrətlərinin haqqında elədilər, heç bir kəs etməmişdi!”. Bunlar hamısı qohumluğun əsərləridir. İnsan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki, heyvan heyvan ilə. Və insan insandan və heyvan heyvandan qorxmaz; amma insan heyvandan qorxar, habelə də heyvan insandan qorxar. Qəzvində çəyirtkə tökülüb əkinləri yeyəndə bəsdir ki, müctəhid Şeyx İsa çıxsın çölə və gözlərini ağartsın. O saat çəyirtkələr qorxub qaçırlar. Bu sözləri mən məşhur Darvinin kitabında oxumuşam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 noyabr 1911, №41 * * * Məramnamə Tiflisdə müsəlmanların bir “Xanımlar cəmiyyəti-xeyriyyəsi” var. Hərdənbir idarəmizə kağızlar yazıb soruşurlar ki, bu cəmiyyətin “məramnaməsi” nədir, yəni nəyə qulluq eləyir, məqsədi nədir?.. Keçən vaxtlarda bir-iki kağız sahiblərinə cavab verdik ki, “Xanımlar cəmiyyəti-xeyriyyəsinin” məramnaməsi pul yığmaqdır, vəssəlam. Bizim bu cavabımızı eşidib, keçən il bir-iki Tiflis xanımları küçədə üzüaçıq mənə rast gəlib başladılar giley-güzarı ki, “sən niyə ona-buna yazırsan ki, bizim məqsədimiz pul yığmaqdır, niyə bizim bu qədər zəhmətlərimizi gizləyib, haqqı danırsan və bizə yaraşmayan adı bizim üstümüzə qoyursan, məgər görmürsən ki, biz hər il “bal” veririk, qızlarımızı orada işlədirik? Məgər bu millətpərəstlik deyil, məgər bizim üçün bu fədakarlıq deyil? Dəxi bizdən nə istəyirsən?”. * * * Bu keçən həftə yenə birisi məndən soruşurdu ki, Tiflisdə xanımlar cəmiyyətinin məramnaməsi nədir; yəni nə yolla çalışırlar, “məqsəd nədir?” Dəxi güman edirəm ki, bu dəfə səhv eləmədim, çünki indi mən cavab verdim ki, “Xanımlar cəmiyyətinin məqsədi bal verməkdir”. * * * Dəxi güman edirəm ki, bu dəfə səhv eləməmişəm. Dəli “Molla Nəsrəddin”, 20 noyabr 1911, №41 * * * Yadigari-həzrət İbrahim Xəlil Yaxud “Qurban Bayramı” Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”. Həzrəti İbrahim əl saxladı və kənarda (yalan olmasa) bir qoç görüb yırtıcı, nə bilim, nə kimi hücum çəkdi qoçun üstə, qırğı sərçəni alan tək heyvanı yerə yıxıb, bıçağı soxdu qarnına və qanı axan kimi, həzrətin də hirsi soyudu, İsmayılı götürüb başladı evinə getməyə. Uşaq yolda qorxusundan ağlayırdı və burnunu çəkə-çəkə və qorxudan titrəyə-titrəyə deyirdi: “Dədə, sən Allah, ta məni öldürmə!”. Bu səbəbə görə Xəlilullahın yadigarı üçün hər il zilhəccə ayının onuncu günü qurban kəsmək vəhşi ərəblərə və bizlərə vacib olubdur. Bu səbəbə görə qurban bayramına bir neçə gün qalmış hər bir müsəlman kasıb da olsa, gərək qurban ala, tək ala bilməsə, – qonşusu ilə şərik ola, pulu da olmasa, – borc eləyə, pul borc verməsələr də, – qurbanı nisyə ala, nisyə verməsələr də, – oğurlaya, yainki qoç sahibilə söyüşə, vuruşa. Xülasə, hər necə olmuş olsa, gərək hər bir müsəlmanın evində qan tökülə. Eydi-əzha aləmi-islamda ən ali ən təntənəli eydlərin biridir. Bu gün küreyi-ərzin müxtəlif yerlərində sakin olan müsəlmanlar qurban kəsməyə məşğuldurlar. Bununla belə aləmi-islama nəzər ediniz: vüsətli bir məzarıstan, camaat vəhşi, düşmən qəvi, maarif yox, üməra binamus, ticarət pozğun, ziraət pəjmürdə… Bircə təskinlik budur ki, qəzetlərimiz başdan ayağadək qurban bayramı ilə məşğuldurlar. Allah özü cəmi qələm sahiblərinin ömri-şəriflərini eydi-əzha məqalələrindən də uzun eləsin! Yenə nə yaxşı ki, belə-belə bayramlar var idi; yoxsa qeyri millətlərin qabağında durmağa heç bir gücümüz olmayacaq idi. Bu gün eydi-şərif münasibətilə cəmi din qardaşları təbrik və cəmi nəzirlərin dərəceyi-qəbula yetişməyini cənab həqdən istida edirik. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 noyabr 1911, №42 * * * Nainsaflıq Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq. Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin. O dediyim şey budur ki, imam ehsanı bəhanəsi ilə camaatdan hər nə qədər ki, pul yığılır və məhərrəmlik təziyəsində bir az-maz hər nə ki, xərc olunur, – qalan pulu qalır mübaşirlərin qolu çomağında, yəni hər kəs ki, güclüdür və tayfalıdır, pulların hamısı qalır onda; dəxi qalan mübaşirlər və vəkillərə heç bir zad qalmır. Yaxşı olardı ki, təziyə bəhanəsi ilə yığılan pulları vəkillər və mübaşirlər bərabər bölələr ki, heç birinə zülm olmasın. Bu bir. Bu biqaydalıq da budur ki, bir kişi gözaltısı bir övrətə göz-qaş eləyəndə kənardan bir molla, ya bir qırmızısaqqal kişi gərək bunlara mane olmasın, o səbəbə ki, məhərrəmlik və orucluq ibadətlərinin biri də eşqbazlıqdır, yoxsa sair vaxt mən müsəlman övrətlərini harada görürəm ki, özümə dost tapam; ancaq məsciddə belə şeylər mümkündür. * * * Bu iki qaydasızlığı kənar edə bilsək, inşallah məhərrəmlikdə əcnəbi millətlərdən xəcalət çəkmərik. Lağlağı “Molla Nəsrəddin”, 4 dekabr 1911, №43 * * * Cavabımız Mərvdən 558 və Teymurxan-Şuradan 130 nömrəli oxucularımıza Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. Fəxr edirəm ki, məcmuənin ancaq şəkillərinə baxıb kənara tullamırsınız, içində yazdığım məzmunları oxuyursunuz və hətta oxuyandan sonra bir para mətləblər barəsində yazı-pozuya da girişirsiniz. Lakin səd heyif ola ki, aramızda bir mühüm məsələ var və çox qorxuram ki, əvvəl-axır siz də bəndəni atasınız: yəni çox ola bilər ki, siz də məsləkinizdən üz çöndərib cəridəmizi oxumaqdan uzaq durasınız. Səbəbi də budur. Məktublarınızda hər ikiniz bəndəyə məsləhət görürsünüz ki, “bir para mətləblərə əl vurmayım”; çünki beləliklə avam camaatı məcmuə oxumaqdan qaçırdıram. Hətta Mərvdən gələn kağızda yazılıb ki, “camaat artıq meyl edirlər abunə olub məcmuə oxusunlar, amma çifayda bimövqe mətləblər mane olur!..”. Hər iki qardaşlara ərz olsun ki, belə-belə kağızlar idarəmizə keçən vaxtlarda da çox kəslərdən gəlibdir. Belə nəsihətləri yenə çox-çox dostlardan eşitmişik və təcrübə eləmişik ki, bir para mətləblərə əl vurmaq məcmuəmizin bazarını bir övqat kasad eləyir. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz; bunların cümləsini biz yaxşı bilirik. Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi bəs nə yazaq?! Hərənin bir etiqadı var, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var; yoxsa bu işlər bihudə deyil; heç bir şairə demək olmaz – elə yazma, belə yaz; heç bir cəridə sahibinə demək olmaz məsləkini çöndər; heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut. Mərvli və şuralı qardaşlarıma cəsarət edib söyləyirəm ki, haman avam camaata bizim də yazığımız gəlir. Biz arzu edərdik ki, həmin avam camaat bizim məcmuəni xoşlasın; amma əfsus ki, bu başa gələn iş deyil. Əgər bizim məcmuənin mətalibi avam camaata xoş gəlmir, bu dəxi təəccüblü bir iş deyil; o səbəbə ki, camaatımızın indiki halında məsləkini qara pula satmayan və öz başa düşdüyünü sidqi-dildən yazan cəridə avama xoş gəlməz. Şuralı və mərvli qardaşlardan artıq təşəkkürüm var; abunəçilərdən yana məcmuəmizin qeydinə qalmaqları bizə olan məhəbbətlərini sübuta yetirir; çünki abunə məsələsi hər cəridənin ümdə məsələsidir; lakin yenə cürət edib deyirik ki, abunə mülahizəsi məsləkimizə təğyir verə bilməz və oxucularımız dağılıb ta bircə nəfəri qalınca yazacağıq, yazacağıq. Həmin dairədə yazacağıq ki, altı ildir yazırıq və bu altı ilin ərzində yazdığımız sözləri bu saat yenə min dəfə təsdiq edirik. Mərvli və şuralı əziz qardaşlara ərz olsun ki, bizim avam camaat ilə işimiz yoxdur; avam camaat qəzet oxumaz, məcmuə oxumaz, dərs oxumaz, kitab oxumaz. Bax bir, məktəblərimiz boş, qiraətxanalarımız boş, avam camaat nəinki “bir para” mətləblərə əl vuran “Molla Nəsrəddin”i oxumaz, bəlkə belə mətləblərə əl vurmayan qəzetlərimizi də oxumaz!.. Əgər cəridənin məsləkinin müqəddəsliyi abunənin çoxluğuna bais olsaydı, elədə səhifələri “Camei-Abbas”ı yada salan bir para cəridələrimizin şöhrəti gərək Hindistana gedib çıxaydı; amma xeyr, belə deyil. Tarixdə avamın hümməti heç bir işdə görsənməyibdir. “Molla Nəsrəddin”in iki-üç min məsləkdaşlarının qeyrəti üç yüz milyon avam qardaşlarda tapıla bilməz və o qədər ki, biz başımıza həmişəlik doğru və sadiq oxucu cəm etmişik, – bu hələlikdə bizə kifayətdir və bunca isbat– məcmuəmizin davamıdır. Yenə ümidimizi şuralı və mərvli kimi ürəfaya bağlayırıq. Ümidimiz bunadır ki, əgər bir nəfər müftəxor “Qasımbəy” mərsiyəxanı, bir avamı aldadıb ona desə ki, Molla Nəsrəddin dinə sataşır, o vaxt dostlarımızın biri həmin avamı başa salar ki, Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə təzə bir məzhəb icad eləməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalışmaqdır. Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur. 1 məhərrəm, 1330. Tiflis. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 dekabr 1911, №44 * * * İmalə Ərz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər. Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər. * * * Biz elə bilirdik ki, içgini tərk etmək çətindir, lakin bu barədə çox həkimlərə rücu elədik. Hətta Almaniyada Erlix cənablarından yazıb soruşduq; bizə bu zeyldə yazılan müalicəni məsləhət gördülər: “Əzvai xəzinə 3 misqal, kükürdi-fars 6 misqal, cidvari-xətayi 4 misqal, zirinc 12 misqal, krim tərtər 8 misqal”. Bu ədviyyəni bir yerdə kubidə və bixidə bir tuluq şərab və bir stəkan araq içində cuşanidə ruzi se mərtəbə bexud imalə nümayəd; yəni eyb olmasın, imalə eləyə, büsyar mücərribəst. Əgər xudanəkərdə, bu imalə təsir etməsə, o vaxt Qubadan Molla Hacıbaba bizə yazdığı bu duanı hər sübh namazından sonra 140 mərtəbə oxusun; dua inəst: ya mən şürbül-xəmr bilxof vəlhəzən vəltəcil ya mən cərğərətül imalə vəl qəbl üsküt kəma səkətül möminin. Amin! Lağlağı “Molla Nəsrəddin”, 11 dekabr 1911, №44 * * * Məscid Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm. * * * Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram. Mən deyirəm ki, məscid Allah evidir, orada imama təziyə saxlamaqdan savayı dəxi özgə oyunbazlıq artıqdır. Amma sən məscidi saldat-bazarına döndərirsən. Mən də cığ-vicdan qulaqlarımı tutub qaçıram. Mən deyirəm ki, məscid Allah evidir, burada yaraşar ki, fəzilətli və həqiqi alimlərimiz hərdənbir camaatı yığıb, millətdən, insaniyyətdən, dindən və dünyadan bir para nafe moizələr edələr. Amma sən İranın bikar əmmaməlilərini və ac seyidlərini çıxardırsan minbərə, onlar da məsciddə avamdan savayı bir qanan adam görməyib, başlayırlar “Bəhrülməsaib” kitabından imamlar və peyğəmbərlər barədə elə mövhumat söyləməyə ki, iyrənib, durub çıxırsan çölə. Onunçün mən də məscidə getmirəm. * * * Tutaq ki, bir xaçpərəst və ya bir yapon bizim dinə daxil olmaq istəyir. Axır bu şəxs istəyəcək bir məscidlərimizi görsün. Qabaqca deyirəm, mən xəcalət çəkərəm buna rəhnümalıq eləyib məscidə gətirməyə. Çünki bilirəm ki, məscid dağılanda müsəlman qardaşlar başmaqlarının dərdindən birdən hücum çəkəcəklər məsciddən çıxmağa. Elə bil, gözümün qabağındadır ki, bir nəfər Kəblə Cəfərəli məsciddən çıxıb, bir əlində yekə və təzə başmaq tayı, o biri əlində köhnə və xırda başmaq tayı, iki əlini yuxarı qalxızıb çığırır: – Atana lənət özgə başmağını geyən!.. Biçarə başmaqları taykeş geyib gedir evinə. * * * Mənim ağlıma bir şey gəlir: dünən qəzetlərdə oxudum ki, italyanlar Trablisdə ərəblərin məscidini gülləyə basırmışlar. Çox yaraşan bir həqiqətdir: belə millətin belə saxlanan məscidlərini gülləyə basmaq çox asandır. Afrikada straus quşları başlarını qumun içinə soxanda elə bilirlər ki, onları görən yoxdur və yoldan keçənlər yavaşca gedib tuturlar. Biz də başımızı məscidlərimizə straus quşu kimi soxuruq; onun üçün də bizi tutmaq çox asandır. İnanmırsan, bax tarixə və bax indiki vüquata. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 dekabr 1911, №45 * * * Alım-satım Mən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız. Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram. Hər məhəlləmizdə, hər küçəmizdə gördüyünüz sahibsiz uşaqlar bu saat həmi yeməyə və paltara möhtacdırlar, həmi tərbiyəyə və dərsə möhtacdırlar. * * * Avropa millətlərinin bir para pis işlərinin içində bir gözəl adətləri var: Axır vaxtlarda sahibsiz uşaqlara pərəstkar olmağa artıq diqqət və səy olunur. Məsələn, yetim uşaqlara məccani məktəb və tərbiyəxanalar açılır, onları bəsləmək üçün cəmiyyətlər təşkil olunur, pullar yığılır. Və bu çalışmaqlarının axırı o yerə çatacaq ki, insan adlanan insanlar içində ata-anasız bir uşaq ac qalmasın və tərbiyəsiz böyüməsin. Amma bunu da lazım bilirəm ərz edəm ki, bu cür işlər nə qədər Allaha xoş getsə, biz müsəlmanlar üçün o qədər əlverişli deyil; o səbəbə ki, heç kitabda və heç minbərdə bizə xəbər verilməyibdir ki, yetim uşağa ianə eləməyin və pərəstar olmağın səvabı bu qədərdir, axirətdə cəzası bu qədərdir. Hər bir ibadət özü bir zəhmətdir və bir növ xərcdir. Və mən o zəhmətə və xərcə qatlaşıram ondan ötrü ki, xudayi-təala tərəfindən müəyyən bir mükafatın ehsan olmağı xəbəri verilib. * * * Xorasandan Daşkəndə gələn vaiz molla Həmidin başına üç yüz hammal həmşəri iş-güclərini buraxıb cəm olublar və üç gündür ki, müzakirə olunur kimə təqlid eləsinlər. Bu qədər səy və təlaş eləməkdə mən öz dərdimə qalıram, öz günümə ağlayıram. Gecə-gündüz fikrim o yerdədir ki, özümə bir gün ağlayam və məhşərdə üzüqaralar cərgəsində durmayam. Amma yetim uşağa sahib çıxmaq, ac uşağa çörək vermək, – bu harada yazılıb, bunun əvəzində axirətdə mənə nə çatacaq? Bəli, doğrudur, Təbrizdə və Şuşa qalasında sahibsiz uşaqlara “pərəst”lik adəti çoxdan qoyulub; amma nəinki hər uşağa. Məsələn, bir gözü kor, ya qara, çopur uşağnan mənim nə işim var? Gedib otursunlar küçədə dilənsinlər. Xeyr, əzizim, biz müsəlmanlar öz xeyr-şərimizi bilirik, – uşaqmuşaq məsələsinə girişə bilmərik. Təmiz balaları bir-iki il şagirdliyə qəbul edə bilərik və mütrib bəzəyib, oynadıb qucaqlarıq. Elə bu özü də yetim uşaqlara mütəvəcceh olmaqdır. Amma kor-şilnən işimiz yoxdur. Biz səliqəli millətik. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 dekabr 1911, №46 * * * İslam Mənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin? Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin. Axmaq-axmaq danışma, haramzada oğlu haramzada! O qədər döyərəm ki, gəldiyin yolu da itirərsən. Mən sənə islam deyirəm, sən mənə hədərən-pədərən danışırsan. Mən deyirəm fədəm dəmə, sən deyirsən damdan dama. Mən sənə deyirəm müsəlman, sən deyirsən adam öldürən, şeytançı, qardaşını tələf edib arvadını alan, uşaqlarını yetim qoyan. Naxçıvan hacısı, Gəncədə imamlı ağsaqqalı, İrəvan taciri, Şamaxı həmidpərəsti, Bakı qoçusu, başyaran həmşəri, əncümən rəisi, Bərdə baqqalı, Maskov dəllalı, Qarabağ malı, vəhşi Borçalı, gözüm Səbzalı, qoyma qaçdı, urra, urra, urra, qoy, qoy, qoy... Dəxi çox danışma, qarnını tüstü ilə doldurram!.. Dəli “Molla Nəsrəddin”, 25 dekabr 1911, №46 * * * Təzə il Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı. Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd. Ta to nani bekəf ari və beğəflət nəxuri. Yəni bazardan yarım girvənkə çörək alıb yarısını dürmək tut və “bismillah” de, qoy ağzına, yarısını bas qoltuğuna, hər tanışa rast gələm, de: “bismillah!”. Tanışın çörəkdən bir tikə kəsib aparacaq ağzına tərəf və qabaqca “bismillah” – deyib ədəblə çörəyi yavaşca qoyacaq ağzına. * * * Bu müqqəddimədə mən onu istəyirəm deyəm ki, yuxarıdakı Allah həmişə biz müsəlmanların yanındadır: yuxarıdakı Allah həmişə bizim ağzımızdadır, cibimizdədir, dükanımızdadır; o qədər məscidimizdə deyil ki, evimizdədir. – Sən Allah, Kəblə Həsən, gedirsən tez Cəfərə de ki, Allah xatirinə o əmanəti göndərsin. – Baş üstə, deyərəm, Allah qoysa yarım saata göndərərəm gələr. – Sən Allah yadından çıxmasın! – Vallah doğru deyirəm! – Hacı, buyur gedək bizə, yaxşıca abi-güştümüz var. Sən Allah sözümü yerə salma! – Vallah ac deyiləm! – Sən Allah tez gəl! – Baş üstə, Allah qoysa gələrəm. Xudanəkərdə gəlməsəm, sənə xəbər göndərərəm. – Allah tərəfi oldu ki, Həsənəli rastıma çıxdı, xudavəndi-aləm öz nəzərini bəndələrinin üstündən əskik eləməsin! Pərvərdigara, sən özün bizim dadımıza yet! – Məşədi, sən öləsən, and olsun o Allaha ki, səni bazar içində biabır eləyəcəyəm! Allah haqqı zarafat eləmirəm! A yekə kişi, utanmırsan Allahın səkkiz yaşında tiflinə elə biabır-biabır sözlər deyirsən?! – Allahdan qorx, Allahdan qorx!.. – Kəblə İbrahim əmoğlu, and olsun bizi yaradan bir Allaha ki, ona tay yoxdur. Mən sizin uşağa güldən ağır söz deməmişəm. Ancaq vallah, billah dünən gördüm hamamdan çıxır, dedim “bala, bir də hamama gedəndə mənə də de, bir yerdə gedək!”. Vallah bundan savayı bir söz deməmişəm! And olsun Allaha deməmişəm! Ta to nani bekəf ari və beğəflət nəxori! Yəni əlinə çörəyi götürəndə əvvəl Allahı yada sal, sonra qoy ağzına. Sədinin sözünə, necə ki, lazımdır əməl eləyirik: – Bismillah. – Xeyr, çörək yemişəm. – Ya Allah, keç yuxarı başa! – Ya Allah, ya Allah, buyur, buyur! – Çörək doğra! Ədə, duz gətir, ya Allah! – Ya Allah, çörək doğra! – Ya Allah, Hacı! – Bismillah, yaxşı otur! – Ya Allah!.. – Bismillah! – Maşallah, çox yaxşı bişib! Pəh… pəh… pəh! Çox ləzzətlidir! – Bismillah, bismillah! “Bismillah” de bərəkətli olsun! – Qonağın payını Allah özü qeybdən göndərər. Yarım girvənkə bir çetver qoyun ətidir, hər kəsin qismətini Allah qeybdən göndərməsə, səkkiz qonaq və dörd nəfər ev sahibi necə tox ola bilər?! – Ya Allah, Hacı Ələsgər! Sən də buyur! Mən ölüm gir içəri! – Ya Allah! Ya Allah! * * * Keçək mətləbə. Təzə il gəldi. Köhnə il getdi və neçə-neçə belə təzə illər gəlib gedəcək, aylar dolanacaq, amma sən də çalış ki, çörəyi qəflətdə yemə; çünki indi Sədi əsri deyil. Boş-boş Allahı çağırmaqla Allah, işlərini ötürüb, göydən yerə pilləkan qoyub, yenib gəlib sənə kömək eləməz. Lazımdır çalışmaq, çalışmaq, çalışmaq! Uşağını qoy dərsə, dilləri oxusun, elmlərdən, fənlərdən xəbərdar olsun, sənət, ticarət öyrənsin, – hər kəs nəyə şövq eləsə. Allahın da öz yeri var; ibadət zamanı Allahı yada salmaq öz qaydası ilə; yoxsa arxayın yatma ki, Allahı çağıran kimi gəlib sənin ciblərini qızıl ilə doldurub gedəcək. Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çölməyə çox ət sal. Yoxsa “bismillah” – deməklə insanlar tox olsalar, dəxi dünyada aclıq olmaz. * * * Təzə il gəldi, amma biz deyəsən elə həmin durduğumuz yerdə qaçırıq qabağa. Saldatların bir məşqi var: divarın dalından qulaq asanda elə bilirsən ki, qoşun gəlir. Tap!.. Tap!.. Tap!.. Tap!.. Amma gözləyirsən görürsən ki, qoşun bir yana çıxmır. Tappıltı yenə gəlir. Axırda məlum olur ki, bu da bir cür məşqdir ki, saldatlar durduqları yerdə qaçırlar. Deyəsən, biz də durduğumuz yerdə qaçmaqdayıq. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 yanvar 1912, №1 * * * Pək eyi Mənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək. Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib. Dünən küçədə bir gəncəli mollaya rast gəldim; xəyalımda da bu idi görüm, söz düşsə bu axund nə tövr danışacaq: “pək eyi” ləfzini işlədəcək, yainki “çox yaxşı”. – Hə, nə var, nə yox? – Sağlığın. – Gəncədə nə var, nə yox? – Sağlığın. – Kərbəlayı Səkinə xalanın kefi necədir? Axund cavab verdi ki: – Çox yaxşıdır. Bay, gör bu nə danışır! Bəs niyə demədi “pək eyi”? Mən öz-özümə güman elədim ki, bəlkə axund bu dəfə səhv elədi, yenə soruşdum ki: – Axund, doğrudurmu ki, Kərbəlayı Səkinə xala indiyədək iki yüz dəfə siğə olub? – Bəli, bəli, doğrudur və çox yaxşı eləyib; çünki bu bir xeyir işdir, feyzi çoxdur. Dedim: – Cənab axund, Kərbəlayı Səkinə xalanın hələ söhbəti qalsın, amma təəccüb ki, siz bilmirsiniz ki, gərək bundan sonra “çox yaxşı” sözlərini işlətməyək, “pək eyi” deyək? Amma axund mənə bir mənasız cavab verdi. Axund cavab verdi ki: – Bəs belə olanda bizə ata-anadan qalan “çox yaxşı” sözlərini hara qoyaq? Mən buna bir cavab tapa bilməyib dinmədim. * * * Doğrudan, bu özü bir danışmalı mətləbdir; çünki Gəncə axundundan savayı yenə iki nəfər əhli-qələmlərimiz ilə bu xüsusda göftügumuz olub, ikisi də mənə bu cavabı verdilər. Məsələn, dünən bir naxçıvanlı babisi ilə danışırdım. Özünün etiqadı ilə işim yox, amma kitabət əhli olduğundan bu xüsusda onun rəyi mənə lazım gəldi. Bəhanə üçün soruşdum ki, nə səbəbə Naxçıvana bir təzə rəis varid olanda, iki nəfər müsəlman taciri bir-birinin acığına vağzaldan yapışırlar yazıq məmurun qollarından, biri bu yana dartır ki, gərək bizə düşəsən, biri o yana çəkir ki, gərək bizə düşəsən; axırda bu iki Allah bəndəsi, dükan qonşuları bütün ili bir-biri ilə düşmən olurlar? Naxçıvanlı bir qədər fikir eləyəndən sonra dedi: – Çox yaxşı eləyirlər. O səbəbə ki, biz müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gedişi-gəlişi və dostluğu olmadı, onu saymırlar; amma müsəlman içində nə qədər böyüyə itaət eləsən, o qədər də camaatın içində hörmətin olur. Dedim bunda sözüm yox, amma “pək eyi” əvəzinə “çox yaxşı” dediyinin səbəbini mənə söyləsin. Bu da mənə haman cavabı verdi, dedi: – Bir yer tap ki, atamdan qalan “çox yaxşı” sözlərini qoyum, sonra sənin təzə dilini qəbul edim. İndi mən də deyirəm ki, Minasazovnan, qeyrisiynən işim yoxdur. Sən əgər deyirsən ki, gərək biz öz dilimizdən “çox yaxşı” sözlərini atıb, gen şalvar osmanlıların nadan kəndlilərinin hər xüsusda kobud “pək eyi” sözlərini işlədək, onda sən də mənə gərək deyəsən görüm, “çox yaxşı” sözlərini hara qoyum? Elə bircə bunu mənə de, dəxi sənnən işim yoxdur! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 yanvar 1912, №2 * * * Çiçək Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır. Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir. Yəni əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz (amma həkimlər məsləhət görür yeddi ildən sonra yenə uşağın çiçəyini döymək). Xülasə, bu bir asan işdir: çiçəyin mayası hər bir aptekxanada satılır, ancaq lazımdır ki, kənddə, ya məhəllədə bir elə adam olsun ki, biçarə müsəlmanlara yazığı gəlsin. Bir neçə qəpiklik neştər, bir neçə qəpiklik maya. Aptekçidən soruşsan ki, çiçəyi nə tövr döyüm? – öyrədər; həkimdən soruşsan, – daha yaxşı; feldşerdən də öyrənə bilərsən. Bunlar hamısı asandır; amma lazımdır ki, məhəllədə, ya kənddə balaca, günahsız uşaqlar qırılanda və anaları, ataları ağlar qoyanda elə bir Allah bəndəsi olsun ki, sahibsiz, dilsiz-ağızsız avam müsəlman qardaşlara rəhmi gəlsin. Bir-iki manatlıq çiçək mayası ilə bir yekə kəndin uşaqlarının çiçəyini döymək mümkündür. Əgər belə olsa, o vilayətdən çiçək azarı bilmərrə kənar olar. Bunu kim eləsin? Kimdir kəndlərdə avam camaatın sahibi? Bu xüsusda bir neçə cavab ola bilər. Biri deyə bilər ki, kəndlilərin xeyir-şərinə qarışmaq, onların halına yanmaq – mülkədarların, bəylərin və xanların borcudur. Biri deyə bilər ki, kəndlilərə baş çəkmək, onlara yetişən bəlaların qabağında çalışmaq, kəndlilərə atalıq eləmək mollaların vəzifəsidir. Mən bu iki cavabın heç birinə şərik ola bilmərəm; çünki bəylərin, xanların və mülkədarların kəndli işinə qarışmağının heç bir yaxşı nəticəsi ola bilməz və bir də yaraşan iş deyil ki, təşəxxüslü bir mülkədar, papağı yanqılıcı bir bəy, ya kefli bir xan girsin kəndlinin evinə ki, nə var, nə yox mən gəlmişəm sənin uşağuvun çiçəyini döyəm. Kəndli bir nanəcib tayfadır, üz versən qudurar, dəxi öhdəsindən gəlmək olmaz. Onsuz da axır vaxtlarda kəndlərdə də bir para cavanlar az qalırlar adamın sözünü qaytarsınlar və üstünə çığırıb söyməyincə böyüyə baş endirmirlər. Qaldı mollalar. Bunlar da iki cəhətdən kənd uşaqlarının səlamət olmağını istəmirlər: bir cəhəti budur ki, uşaq ölən evdə həmişə molladan ötrü doşab halvası, bəzi yerlərdə ət şorbası bişir; az-çox pul da verilir. Demək, kəndə bir naxoşluq düşəndə mollanın da mədaxili artır. İkinci cəhəti budur ki, o uşaqlar ölməsələr qalsalar, iyirmi-otuz ildən sonra gözlərini açıb yada salacaqlar ki, otuz il ondan qabaq Bakıda qradonaçalnik, küçələrdə arvadlara sataşan cavanlara tənbeh eləyəndə, cavanlar qradonaçalnikə belə cavab vermiş imişlər: – Ərz olsun qradonaçalnik cənablarına ki, biz, həqiqətdə müqəssirik; çünki küçə ilə keçən övrətlərə söz ilə sataşmışıq. Amma cənab qradonaçalnik sağ olsun, necə ki, hər bir müqəssirin tutduğu pis əməlini zəmanənin təqazasına və məkana nisbət mülahizə edəndə onun günahını bir növ xəfif tutub tənbehini də o dərəcədə azaldırlar, biz Allahın günahkar bəndələrinin əhvalına lazımınca diqqət edəndə aşkar olacaq ki, bizim də üzrümüz az deyil. Bəli, küçə ilə keçən övrətlərə sataşmaq yaxşı adət deyil. Amma biz rus millətiyik, biz sataşdığımız övrətlər də rusdurlar. Bizim hələ onlarla danışmağımıza da dinimiz yol verir. Amma bizim gözümüzün qabağında var Qafqazın müsəlman tayfası: müsəlman içində heç bir övrət cürət eləməz ki, müsəlman kişilərinin içindən ötüb keçsin; çünki ola bilməz ki, o övrətə bir söz atan olmasın. Mən cahıl-mahılları demirəm; hər millət içində cahıllar və cavanlar tərəfindən küçə-bacada övrətə sataşmaq görünür. Mən mollaları deyirəm. Müsəlman içində hər kənddə və hər şəhərdə bir Molla İsa var. Çox vaxt özləri üçün mitə siğələrini mollalar küçədə oxuyurlar. Övrətin topuğuna baxan kimi zalım oğlu bilir ki, bu övrət kimdir və fürsəti fövtə verməyib nişanəyə qoyur. Gəncədə Hacı Seyid Bağır özü üçün siğə elədiyi övrətləri küçələrdə tapır. Naxçıvanda Pirqəmişli mərhum bir molla, xoşuna gələn övrətə küçədə deyərdi: – Mənə siğə olarsan? Mən çox görmüşəm ki, mötəbər və sahibi-ehtiram bir axund küçədə yad övrətdən soruşur ki: – Sən kimin övrətisən? Söz yox, övrətlərimizin qulaqları o qədər qızışıb ki, belə-belə şeylərdən incimirlər; çünki elə bilirlər ki, bu özü də Allah əmridir. Bəlkə namünasib bir cavan oğlan küçədə bir dul övrətə sataşsa, övrət daşı götürüb çırpar uşağın başına, amma hacıya və mollaya söz yoxdur; çünki övrət görür ki, burada siğə olmaq məsələsi var. Və övrətlərimiz də öyrənibdirlər. Gəncədə Kərbəlayı Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyir: – Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq! Onunçün hər şəhərdə Kərbəlayı Səkinə xalalar az deyil. Ruhani atalarımızın tərbiyəsinin bərəkətindən, indi bizim övrətlərin içində elələri də var ki, siğə olmağı özlərinə bir peşə kimi eləyiblər. Çoxusu bəlkə özü kişiyə deyir ki: – Məni siğə elə. Xorasanı demirəm, orada belə işlər hər qədəmdə görünür. Bizim içimizdə də hər kənddə və hər şəhərdə belə xalalar tapılar. Margilanda Curəxan adında bir sart qızı küçədən keçən iranlı və qafqazlını zornan tutur ki, gərək məni siğə eləyəsən. * * * Amma lazımdır bunu bilmək ki, çiçəyi döyülən uşağı soyuq yerdə saxlamaq yaxşı deyil. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 yanvar 1912, №3 * * * Tök! – Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına! Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın. Ərzim burasındadır ki, şəriətimizin çaxır içməyi haram buyuran hökmünə müsəlman qardaşlarımın bir paralarının tabı yoxdur; həqiqət, yazıqların tabü təvanası yoxdur. Hər nə deyirsən de. Orucu deyirsən – tutsun; namazı sən 17 rükət deyirsən – yüz on yeddi rükət qılsın; Kərbəla ziyarətinə bir dəfə deyirsən – o üç dəfə getsin; hələ istəyirsən – Məşhədə də getsin; amma demə içgi içmə. Bu xüsusda mənim üzrüm, əvvələn, bir para əsnaflar və kərbəlayı və məşədilər tərəfindəndir; saniyən, rus dərslərini yarı yolda qoyan təzə cavanlar tərəfindəndir və salisən, bəy və xanlar, əyanlar tərəfindəndir. Bizim Qafqaz şəhərlərində meyxanalar var. Küçə ilə keçəndə görürsən ki, bir rus ya erməni ağzını göyə qalxızıb rumkanı çəkir başına. Amma sən bilmirsən ki, o meyxananın içəri tərəfində bir qaranlıq yer var ki, orada üç-dörd məşədi gizlənib, içməyə məşğuldurlar: – Tök, götür istəkanı; mən ölüm götür! Ya Allah, sağ olsun məşədi Hüseyn! – Bunu içirəm məşədi Əlinin sağlığına! Sağ ol, Məşədi Məhəmməd, sağ ol. İçirəm dostların sağlığına! O ki on beşdən başlamış iyirmi bir yaşa çatan dərsləri yarımçıq xanzadə və bəyzadələrdir – Allah bunlara insaf versin, nə yol tanıyırlar, nə iz tanıyırlar; nə Allahdan xəbərləri var, nə bəndədən. Gecə-gündüz əlləri xəncərlərinin qınında, ya papaqları yanqılıcı, kefli-kefli dolanmaqdadırlar. Bunlarla mənim işim yoxdur; belə-belə, veyl-veyl, gəzən və içki içməyi özləri üçün şöhrət bilən cavanlarla Molla Nəsrəddinin işi yoxdur. Amma otuz beşdən başlamış əlli beş ya bəlkə altmış yaşındakı üzü qırxıq bəy və xanlarımız tərəfindən yenə mən üzr istəyirəm. Bir surətdə ki, tərki-adət bemocibi-mərəzdir; bir surətdə ki, bu yazıqlar ömürlərinin əvvəllərindən özləri hərçənd bisavad olublar, amma həmişə böyük adamlarla oturub durublar. Məsələn, pristavlarla, naçalniklərlə, uryadniklərlə, bəlkə strajniklərlə. Və bir surətdə ki, bu qədər böyük adamların yanında mən özümü çaxırı haram bilən avam müsəlmana oxşadım, onda bəs mənə nə deyərlər?! Məgər mənə deməzlərmi ki, bax gör necə fanatik müsəlmandır! Xeyir, belə şey ola bilməz. Bəlkə mən özüm də elə bilirəm ki, içki içmək haramdır; bədənə də, cibə də və abruya da zərəri var. Lakin eyib deyilmi ki, mən bəy ola-ola özümü avam müsəlmana oxşadam? Onda dəxi kərbəlayı Zülfüqarla mənim nə təfavütüm? O çaxır içmir; mən də içməsəm, ona oxşayacağam. – Ədə, get bazara, üçüncü nömr Kaxet çaxırı gətir! Yarım düjin ağından, yarım düjin qırmızısından. Qayıdıb gələndə Səfər bəyə de ki, nahara gözləyirəm, Cəlil bəy də bizə gələcək. – Tez ol, aç butulkanı! Tök, bura da tök! Götür, Xəlil bəy! Bu istəkan sənindi. Həsən bəy, sənə hansından töküm? Ağından, qırmızısından? – Mən ölüm götür! Götür, sən Allah, naz eləmə, mən ölüm götür. Ya Allah, sağ ol, sağ ol! – Əmoğlu, sənin sağlığına! Pəh, pəh, pəh! Nə tünd araxdı! – Ədə! Bu zəhirmarı hardan gətirdin? Bu birini aç tök, tök! Həsən bəy, sən öləsən olmaz, hamısını gərək içəsən. Əla ya əyyühəs-saqi, əsbi-lağər miyan bekar ayəd. – Əmoğlu, tök, tök. Bax, bu dördüncü rumkadır ki, mən içirəm; amma siz ikisini də içməmisiniz. – A kişi, cəhənnəm ol! Ta içmirəm. Sən öləsən, namazımın vaxtı keçir. – Ay sən öləsən həyə namaz qılırsan! Vallah, camaatın üzünə qılırsan. – Tök, tök, götür, Məhəmməd bəy! İçirəm dostların və dostluq qədri bilənlərin sağlığına. Sağ ol, sağ ol! Götür, götür! Sən öləsən olmaz! Axıra kimi, axıra kimi! – Əmoğlu, gəl öpüşək. – Püf, püf! Ədə, ağzından nə qoxusu gəlir? Deyəsən, sarımsaq yemisən? – Püf, zəhirmar! İtil cəhənnəmə! – Əla ya əyyühəs-saqi… Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 yanvar 1912, №4 * * * İmtahan Axır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər. Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər. Vallah, adamı qoymurlar ki, dinməz-söyləməz oturub işinə məşğul olsun. Mən müxtəsərcə burada bir söz ərz eləyim, əgər insaf əhlisən deyəcəksən: “belədir, Molla Nəsrəddin, sözün haqdır”. Əgər insaf əhli deyilsən, di qoy get işinə! Mədrəsələr dünyada ondan ötrü qoyulublar ki, orada təhsil tapanlar oxuyub-yazmaq öyrənsinlər. Bu bir aşkar mətləbdir ki, mollalara bir o qədər oxumaq və yazmaq lazım olmur. Çox yazmaq qəzetçi peşəsidir, çox kitab oxumaq bikar advokatların və dərin həkimlərin sənətidir. O ki, mollalarımızdır, bunların yazdıqları həftədə bir dəfə müxtəsər bir kəbin kağızı, ya talaq kağızıdır; əgər prixod mollasıdır, metrik dəftərinə səfər ayının dördündə anadan olan Sadığın adını yazmaq, atası Meşədi Hüseynin adını və anası Kəblə Fatmanın adını yazmaqdır; flan və flan, vəssalam, qurtardı getdi. Bundan ötrü mədrəsə açmağın mənasını dəxi mən bilmirəm. Bundan savayı hələ bir mətləb də var. Mədrəsə, nə bilim darülfünun – bunlar hamısı şöhrətdir. Elm, nə bilim fənn, nə bilim maarif, təməddün – bunlar əvarizatdır. İnsanda gərəkdir bəxt olsun, bəxt, bəxt! Burada sənə ikicə dəlil gətirib sözümü qurtarım: əvvəl götürək Nuxada Axund Molla Səbqəti. Hansı mədrəsədə təhsil tapıb? Heç bir yanda. Amma bəxtinə bax ki, həmi məktəb naziridir, həmi müəllimdir, həmi axunddur, həmi mərsiyəxandır; qədri-qiyməti də o dərəcədədir ki, Məşədi Əlibala Hacı Nəcəf oğlunun təziyəsində ev sahibi götürüb buna üç manat mərsiyə pulu, bir manat xətmi-quran və bir manat da mollalıq pulu verəndə axund bu pulların iki manatını sahibinə qaytarıb, üç manatını da utana-utana qəbul edir. Bu nədir? Məhz xoşbəxtlik; çünki cəmi cavanmərdlər, səxavət və şücaət sahibləri – ali vücuddurlar, yəni xoşsəadətdirlər. İkinci dəlilim sənə mübarək Sabunçu ruhanisinin macərasıdır ki, bu zat on sənədən ziyadədir ki, mollalığa intixab edilmişdir, lakin mollalığa təsdiq olunmaq üçün imtahan verməsi lazım idi; amma özünün elmi-məlumatı fövqəladə olduğu üçün imtahanı özünə layiq bilmirdi. Amma indi təsdiq olundu; bəli, təsdiq olundu. Hə, bəli! Bəxt, bəxt, bəxt! Mənim də bəxtim olsa idi, iki nəfər güclü və pullu adam gedib qazı yanında vəsatət elərdi ki, bəli, flan… o söz!.. Arifsən həyə, anlarsan. Və əgər istəsəniz bu zatın savadının dərəcəsini biləsiniz, bir nəfər Sabunçu selski sudyasına yazdığı kağızı eynən burada çap edim ki, siz də oxuyun və görün ki, hər bir şey dünyada qabiliyyətnəndir, Allah vergisidir; mədrəsə-flan lazım deyil: “Cənab müstətab mollayi-Əbdülcabbar selski sud Sabunçu damiqbalə təvəqqə və xahiş olunur, cənabından bir vərəqi-dəftəri “Mədrəseyi-Təməddün” hesabi odun yazıb irsal etsiz rəfxanə bir sacın odun mədrəsə üçün Mir Ağa Seyid Musa oğlu alıb fisacın 46 manat qırx altı manat yanvarının 16-sında təfil vermişəm mədrəsə müdiri və xadimə. Baqi 1912, 21 yanvar və şüşə mədrəsə 5 ədəd 1 b”. Bu da təsdiq olunmuş ruhanilərimizin qələmlərinin əsəri! Dəxi bil ki, mədrəsə-flan artıq işdir. İnsanda istedad lazımdır, yəni zehn və qabiliyyət, şüur və dərrakə lazımdır; yoxsa mədrəsə-zad artıq işdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 fevral 1912, №5 * * * Müsəlmançılıq Hər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur. Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu. Yusifbəyin tərifini qəzetlərdə yazan – onun qulluqçuları və yoldaşlarıdır; qəzeti oxuyanların çoxu – yad ruslar, gürcülər və yad erməni, müsəlmanlardır. Onlara təfavüt eləməz ki, Yusifbəy kimdir? Onlar oxuyub və “afərin belə şəxsə!” – deyib keçirlər. Amma mən yazıqdan heç kəsin xəbəri yoxdur; heç bilən yoxdur ki, mən nə çəkirəm. Heç mənim dərdimdən xəbərdar olan yoxdur. Sözün əsli budur ki, Yusifbəy Tahirov da naxçıvanlıdır, mən də naxçıvanlıyam. Mən görürəm ki, Tiflisdə təzə camaat teatrı onun adına bağlandı və insafən görürəm ki, məhz Yusifbəyin səy və hümmətilə bu teatr əmələ gəldi. Amma söz burasındadır ki, mən də naxçıvanlıyam və qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın; gəlib Tiflisdə şöhrət qazansın. Sözün doğrusu, bu dərd məni öldürür. Əvvələn, budur ki, biz naxçıvanlıyıq. Naxçıvanda belə qayda çoxdan qoyulub ki, bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın; bir bəyin dövlət və izzətinə qeyri bir xan həsəd aparar; hətta iki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar. Mən Yusifbəy Tahirovun şöhrətini sığışdıra bilmirəm; çünki əvvələn, mən naxçıvanlıyam, o da naxçıvanlıdır və saniyən burada bir az müsəlmançılıq da var: bir müsəlman qardaşın şən və şöhrəti qeyri müsəlman qardaşa heç vaxt xoş gələ bilməz; odur ki, danosbazlıq və şeytançılıq vıstavkalarında qızıl medal alan əvvəl müsəlman qardaşlar olur. Xülasə, doğrudan doğrusu, bu Yusifbəy Tahirov həmşəhrimin şöhrəti məni öldürdü. Axır bəs nə edim? Çox fikirdən sonra dedim: “Yenə vallah şeytançılıq, yenə xəbərçilik. Yenə qoy barı Tahirovu avam içində töhmətləndirim, bəlkə bir tövr xarab olub qoyub gedə işinə!”. * * * Aha, tapmışam! Cəmi uzun saqqal, uzun əba, uzun papaq, uzun çubuq və uzun ətək mömün və dindar, abırlı və ismətli müsəlman qardaşlardan təvəqqə edirəm ki, bu kağızı oxuyan kimi gedib təzə teatrın akoşkalarının qabağında qayrılan “lojalar”a tamaşa eləsinlər və orada işləyən qulluqçulardan soruşsunlar ki, o lojalar kimlərdən ötrüdür? Mən soruşdum, mənə belə cavab verdilər ki, “burada qabaqdan pərdə kimi bir şey asacağıq ki, bu lojalarda hərdənbir müsəlman xanımları əyləşsinlər”. Di get, dəxi sözün nədir! Bu da sənə teatr! Bəli, müsəlman xanımları əyləşsinlər! Çox əcəb, qoy əyləşsinlər! Dəxi sən küçədə Yusifbəy ilə məni bir yerdə görəndə, nə səbəbə əvvəl ona baş əyirsən, sonra da mənə baş əyirsən? Mən ki, övrət-mövrət sözü danışmıram?! Keçənlərdə də həyə danışmışam, qələtdi tutmuşam; bir səhvdi eləmişəm; o vədə uşaq idim; elə bilirdim ki, yazıçı odur ki, hər sözü aşkar danışsın. Sonra axırda Bakı qəzetçilərindən təcrübə ələ gətirdim, axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz. * * * Mətləbdən uzaq düşməyək: teatra sözüm yox, amma hər kəs müsəlman övrətinin teatra gəlməyinə razı olsa, yəqin ki, müsəlmançılığa xəyanət etmiş kimidir; o səbəbə ki, hələ dünyada teatr yaranandan indiyə kimi heç ittifaq düşməyib ki, teatra gedən müsəlman övrətinin üzünü naqafil bir yad kişi görməmiş olsun. Budurmu müsəlmançılıq? Budurmu millətpərəstlik? Sən həyə millətin halına yanırsan, ona teatr qayırırsan, – bu bir özgə iş; hərçənd bu barədə kitablarda bir cəzayi-xeyir, ya bir səvab yazılmayıb; çünki teatrbazlıq yenə hər necə olmuş olsa, şeytan işi qəbilindədir. Qərəz, nə eləyirsən elə, amma dəxi övrətlə nə işin var? Xülasə, bir tərəfdən naxçıvanlılıq, bir tərəfdən müsəlmançılıq… Onunçün bu sözləri yazdım. Amma məni dindirmə; ürəyim sıxılır!!! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 fevral 1912, №7 * * * Artistlər Dünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin. Maşın fışqırıqladı, çıxdı getdi. Ya yalan, ola, ya doğru – pənah Allaha! * * * Tiflisdə mənim hansı qastinsaya yolum düşür, qəstin sahibi başlayır bizim müsəlman artistlərini xəbər almağa. Məlum olur ki, çoxları borclu qalıb, xəlvətcə qaçıblar. Evdə oturursan – zəng çalınır. Kimdir, bir kasıb qoca gürcü arvadıdır. Hə, nə deyir? Deyir ki, flan müsəlman artisti haradadır? Deyirsən ki, məsələn, Naxçıvandadır, yainki Bakıdadır. Məlum olur ki, müsəlman qardaşlar bu yazıq arvadın evini kirayə eləyiblər və nəinki məhz ev kirayəsini götürüb qaçıblar, bəlkə bu yazıq övrətin kürkünü aldadıb alıb aparıblar ki, yolda üşüməsinlər. Axırda elə olubdur ki, Tiflisdə iki baqqal haqq-hesab üstə sözə gələndə, birisi o biri bədhəqq yoldaşına deyir: – Axırda sən də mənə müsəlman artisti oldun? Mən əvvəllər səhv başa düşərdim; elə bilərdim ki, məsülman artisti ibarətdir elə bir şəxsdən ki, səhnəyə çıxıb, avam müsəlman qardaşlara ibrətli sözlər deyə. İndi belə məlum olur ki, artistin bir mənası da var imiş: yalançı, xalqın malını özünə halal bilən, yoldaşın haqqını kəsən və həmişə özgələrə hiylə qurub, yalan ilə başını saxlayan. Amma bir para belə julikləri çıxanda, söz yox, doğru və dürüst həqiqi artistlərimiz də yox deyil. Bunlara da salam olsun Molla Nəsrəddin tərəfindən. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 mart 1912, №9 * * * Əlifba Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha. Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara? Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnaud deyirlər, – bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”. Bu sözləri deməkdə arnaudlar belə xəyal eləyirlər: onlar bilirlər ki, nə qədər ərəb hürufatilə yazı-pozu eləyirlər, mətbuatları tərəqqi tapmayacaq, milli ədəbiyyatları puç olacaq, dilləri hörmətdən düşəcək və axırda özləri də arnaudluqdan çıxıb, qeyri bir güclü millətə qarışıb, yox olacaqlar; necə ki, bizlər və bizdən də savayı sair müsəlman qardaşlar. Mən ölüm, bir az da səbr elə, bu saat qurtarıram, darıxma, dolanım başına, hövsələn təng olmasın, dayan bir, Allah sənə Kərbəla qismət eləsin, bir qədər də qulaq ver. Bu axır vaxtlarda bolqar əsgərlərinin savadlılarının hesabını bir yaxşı qəzetdə oxudum, yüz nəfərə ancaq dörd nəfər bisavad düşür. Amma Osmanlıda on min camaatdan dörd nəfər savad əhli tapılmaz. İran həmçinin, elə bizlər də o gündə; amma şükür olsun xudaya ki, bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz dilimizdə danışmaqdan utanırıq və balaca oğlumuz dörd yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə tapsın. Buna sözüm yoxdur; amma həmin evin xanımından təvəqqə edirik ki, uşaq yuxuda da bir kəlmə ana dili danışsa, tumanını çıxart, yumşaq yerinə o qədər şapalaq vur ki, qızarıb həna rəngi çalsın. Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlman-zad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı (təfavütü yoxdur) aldı və inşallah (allah oğulluqızlı eləsin, yenə Məhəmməd ümmətidir) bunların yenə dörd yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin. Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili? Qardaş, zarafat deyil ki, dilimizdən iyrənirik, vəssəlam! Uca papaqlılarımız bir-birinə kağız yazanda yazır: “və nigarani nədarim səvayi əz duri və müfariqəti şüma”. Alçaq papaqlılarımız da bircə il qorodskoy şkolada uçit eləyəndən sonra küçədə bir iznakomini vstret eləyəndə o saat şapqasını çıxarıb deyir: – İzdrasti, bacalusqa. * * * Budur mənim sözüm, əzizim ta niyə atılıb düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb, ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehnin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar. Pəh, pəh, pəh! Sözə bax sən Allah! Dilin lal olsun söz danışan! Axırda da nə bilim həştad neçə il bundan qabaq Osmanlının bir Rəşid paşası gedib arnaudların qanlarını sel kimi axıtdı, analarını ağlatdı, amma arnaudlar əl çəkmədilər və axırı o yerə yetirdilər ki, indiki Rəşid paşa Londonda yalvarıb yaxarır ki, hər kəs nə istəyir götürsün, barı İstambula dəyməsinlər. Əgər sən müsəlmansan, gərək etiqadın ona ola ki, Allah-taala qadirdir və sükutda durmaqdan savayı özgə bir təklifimiz yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 yanvar 1913, №1 * * * Övrət məsələsi Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək. Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”. Cavabımız: belə əqidəyə Molla Nəsrəddin şərik ola bilməz və bir də bu sözlər indinin sözü deyil. Avam camaata birdən-birə demək olmaz ki, gərək bizim də övrətlər davaya çıxıb, yaralı kişilərin yarasını bağlasınlar, yainki qeyri bir xidmətdə bulunsunlar. Xülasə, bunlar bizim işimiz deyil və heç xoşuma da gəlmədi. Yenə Bakıda çıxan gündəlik “Məlumat” ruznaməsi 212-ci nömrəsində yazır: “Qəribə işdir, Amerika və biz müsəlmanlar, söz yox, təfavüt ola bilər; amma təfavütün də intəhası gərək ola, yoxsa Amerikanı nəzərdən keçirib biz müsəlmanları yada salanda inana bilmirsən ki, onlar da bizim kimi və biz də onlar kimi bəninoi-bəşərik. Məsələn, övrət məsələsi: Amerikayi-şimalın müttəfiq cumhuriyyətlərinin höküməti bu axır günlərdə belə qərardad nəşr edib: bundan sonra əlahiddə qız məktəbi və oğlan məktəbi götürülsün, xah ibtidai və xah vəsəti və xah ali. Hər məktəbdə qızlar və oğanlar bir yerdə oxusunlar və ibtidaidən başlamış darülfünunlaradək qız və oğlan bir skamyada oturub yoldaşlıq və qardaşlıqla təhsili başa vursunlar. Bu xəbəri yazandan sonra möhtərəm “Məlumat” qəzeti öz tərəfindən bunu da artırıb: “Bəli, bəli, görürük insanları; bunlara da baxırıq, özümüzü də görürük və yəqin ki, foti-fürsət iki şəxsin birindədir; ya bizdədir, ya onlarda; ya bizik qəflətdə qalan, ya amerikalılar. Çünki bizim qızlar nəinki darülfünunda, bəlkə mübtədi məktəblərdə də oxumurlar, nəinki oğlanlarla bir məktəbdə, bəlkə evlərində ana və atalarının yanında oxumurlar”. Molla Nəsrəddin öz tərəfindən ərz edə bilər ki, doğrudur, “Məlumat” qəzeti avam müsəlman qardaşların xatirəsi xoş olmaq üçün sözü örtülü qoyur; amma haqq və həqiqəti dost tutmağı adət eləyən Molla Nəsrəddin heç vaxt rəva görməz ki, qızlarımız çox dərin elmə özlərini versinlər. Doğrudur, buyurublar ki, qızlar da oğlanlarla Çinə kimi də olsa, elm dalınca getsinlər; amma hansı elmi buyurublar? Qızların elmi məhz ibarətdir quranı höccələyə-höccələyə oxumaqdan. O ki, qaldı oğlanların və qızların bir yerdə oxumağı, – bu barədə də biz təcrübədən bunu bildik və eşitdik ki, bir skamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq və sağ əlilə müəllimin sözlərini dəftərə yazanda, sol əlilə yanındakı qızı ha bir ucdan çimdikləyəcək. Pəh, pəh! Bu da mənə oldu məktəb, bu da mənə oldu təhsil?.. Həftəlik “Qüsli-vətən” ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti” xeyli cəlallı imiş. Buraya dövlətin çox alim və məşhur şəxslərindən dəvət olunmuş imiş. Rəylərin cəmisi ilə qərar qoyulub ki, bundan sonra Rusiyada kişilərin və övrətlərin hüququ bilmərrə bərabərləşsin. Qəribə burasıdır ki, möhtərəm qəzet bunu yazandan sonra öz tərəfindən cəmiyyəti alqışlayıb “mərhəbalar” söyləyir. Biz də belə-belə namərd qəzetlərə mərhəbalar göndəririk; vaqeən, bizə bu işlər o dərəcədə təəccüblü görsənir ki, inana bilmirik. “Qüslivətən” kimi bir müqəddəs ruznamə kişi və övrətlərin müsavatını qəbul edəndə dəxi biz niyə durmuşuq? Biz də gərək deyək: yaşasın azad övrətlərimiz! Lakin bundan nə çıxar? Çox qudurma, köpəyin qızı! Vallah ağacı götürüb qabırğalarını sındıraram, müsavat-zad bilmənəm! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 yanvar 1913, №3 * * * Manifest Qayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq. Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək. Qabaqca gərək bunu bilmək ki, manifestin məzmunu çox təfsillidir və orada olan qərardadın çoxusunun biz müsəlmanlara dəxli yoxdur; odur ki, biz burada məhz o mətləblərə əl vururuq ki, bizim işlərə dairdirlər. Əvvələn, xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür; amma ağır tənbehlərin, yəni Sibirə və katorqaya düşənlərin müddətinin iki hissəsi qalır, bir hissəsi bağışlanır. Və bir də müsəlman quldurları və övrət üstə qohum-qardaşlarını öldürənlərin cəmisi manifestə düşür; çünki qeyrət işidir. İkinci, kəndlilərin qızıl pullarından qalan nidamkalar bağışlanır və həmçinin Şamaxıda və Ağdamda açılan müsəlmanların qız məktəbləri manifestə düşür. Üçüncü, bir para borclar manifestə düşüb bağışlanır; məsələn, rəiyyətlərin pambığından hasil olan pullar ki, bir para mülkədarların və bundan da savayı cəmi bədhəqq adamların borcları manifestə düşür. Dördüncü, bundan sonra hər bir kəs uşaqbazlıq üstə işə düşsə, bağışlanacaq. Beşinci, qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür, Qurana and içib rüşvət alandan sonra məhkəmələrdə yalandan şahid olanlar manifestə düşür. Altıncı da xırda-mırda oğruluq eləyənlərdir ki, İrəvan quberniyasında və Qarabağda bu qism oğrulardan on dörd min nəfər müsəlman qardaş manifestə düşüb azad olublar. O ki, qaldı manifestə bir neçə bağışlanan təqsirlər də var; məsələn, politika işlərindən ötrü Avropaya və Sibirə gedənlər, ştraflanan qəzetçilər və azadə danışmaq yolunda başlarına çox müsibət gələn yazıçılar, – hərçənd bunlar da manifestə düşürlər, amma onların içində müsəlman tapılmaz və bu işlərin bizə heç dəxli-təsərrüfü yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 mart 1913, №10 * * * Dərd Dərdi mara nist dərman, əlqiyas! Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı. Amma dərd budur ki, gözəl bir övrəti var. Mən namərdəm əgər razı olam ki, qardaşımın başından bir tük əksik ola; amma hərdənbir xəyalıma gəlir ki, xudanəkərdə, bəlkə birdən biçarə qardaşımı əcəl gəldi tapdı, onda bəs övrəti necə olsun? Və mən bədbəxt necə razı olum ki, bir belə can bir özgə kişiyə ərə getsin; özgəsinə qismət olsun. “Ey müsəlmanan, çe dərman, əlqiyas!”. Bəzi vaxt olur ki, belə-belə qara xəyalat mənim yadımdan çıxır; amma hərdənbir qardaşımın övrətinin üzü üzümə sataşır və deyəsən qəsdən o saat xəyalıma gəlir ki, məsələn, xudanəkərdə, qardaşım vəfat edib. İnsanı xəyalat götürəndə, hər cür natəraş fikirlər adamdan əl götürmür; məsələn, guya ki, qardaşım vəfat edib, övrət də gözümün qabağında dolanır. Övrət də nə övrət! Yenə gözəl olmaya, cəhənnəmə-gora, itilib qoyub gedər gəldiyi yerə. Can bicəmal, söz yox, Meyli cəhan nədarəd. Hər kəs ki, in nədanəd, Həqqa ki, on nədarəd. Amma bu köpəyin qızının baldırlarına hərdən gözüm sataşanda… Allah şeytana lənət eləsin! Xülasə, belə dərd olmaz ki, mən çəkirəm və gecə-gündüz bu fikirdəyəm: “Gəştəəm suzanü giryan, əlqiyas”. Söz yox, qeyri millətlər bu barədə asudədirlər; qardaş öləndən sonra onun övrətini almaq qeyri millətlərə qədəğəndir. Odur ki, onlar belə-belə fikirlərdən uzaqdırldar. Öz aramızdır, bu da onların bişüurluqlarına dəlalət edir. Mən ki, doğrusu, razı ola bilmərəm ki, bir belə nazənin qardaşımın əlindən çıxsın və gedib yad bir kişiyə övrət olsun; bir surətdə ki, onu özümə övrət eləməyə mənim ixtiyarım var; çünki müsəlmanam. Zövqi çinan nədarəd Bidust zindəgani. Bidust zindəgani Zövqi çinan nədarəd. Amma Allah şeytana lənət eləsin! Yenə and olsun Allaha ki, qardaşımın başının ağrımağına razı olmanam. Amma bilmirəm hamı mənim kimidir, yainki bircə mən bədbəxtin başına belə işlər gəlir? Bu tünbətünün qızı gözümə sataşanda həmişə qardaşımın ölməyi yadıma düşür və həmişə öz-özümə deyirəm ki, bax, dünyanın işini bilmək olmaz, əcəl hamısını gəlib tərk edəcək. Vallahı, billahı, min dəfə razıyam ki, mən ölüm, qardaşımın başına bir iş gəlməsin. Amma doğrudan doğrumu, mən belə biqeyrətçiliyi qəbul edə bilmərəm ki, qardaşımın övrəti yad bir kişinin qoynuna girsin, bir surətdə ki, uşaqları da mənim uşaqlarım yerindədir; əgər təfavüt qoyuramsa, Allah mənim atama lənət eləsin. Bir surətdə ki, bu biçarə nuri-didələrimin analarını almağa mənim ixtiyarım var; özümün də övrəti tək bircədir, ev-eşiyi də ancaq ikisi dolandıra bilər. Allah şeytana lənət eləsin! Kəs dər cəhan nədarəd, Belə fəvalı qardaş. Dərda ki, in müəmma. Şərhü bəyan nədarəd. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 aprel 1913, №12 * * * Baş Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən. Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq. Rus, alman, frəngilər həmə dər karənd, Ta to nani bekəf ari və bərahət bexuri. Həmə əz bəhri to sərkəştəvü fərman bərdar, Qul edib onları tari sənə səndən ötrü. * * * Möhtərəm oxucularımıza ərz olsun ki, tibb aləmindən axır vaxtlarda danışılan məsələ “anabiyoz” məsələsidir ki, rus professorlarından məşhur Baxmetyev cənabları tərəfindən icad olunubdur. Cənab Baxmetyevin ixtiranın əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarı diri olurlar, yarı ölü olurlar; yəni nə diri demək olur, nə ölü; nə canlı kimi hiss edirlər, nə ölü kimi hissiz olurlar. Professor cənablarının fənni imtahanları elə bir qəribə nəticə bağışlayıb ki, bu xüsusda tamam Avropaya şöhrət salıb; hətta Amerika ruznamələri gün olmur ki, bu barədə yazmasınlar. Təqribən bir ay bundan qabaq Pirisdə həkimlər məclisində Baxmetyev cənablarının nitqi biz müsəlmanlar üçün xeyli əhəmiyyətlidir; çünki həmin nitqdə bəyan olunan mətləblərin biri budur ki, dünyada yaşayan başları qırxıq millətlər həmişə “anabiyoz” halında yaşayırlar. Səbəb budur ki, qışda şiddətli soyuq təsirindən qırxılmış başlar “anabiyoz” olurlar, yəni donub nə ölü olurlar, nə diri. “Mürdəənd, vəli zində” Hərçənd haman məclisdə cənab professora irad edən olub, lakin bu məsələ yenə şayani əhəmiyyətdir; məsələn, islam aləmindən xəbərdar olan məşhur fransız səyyahı müsyo Lizurtaj cavab verib ki, qışın şiddətli soyuğu müsəlman başlarını “anabiyoz” halına sala bilməz; zira ki, müsəlmanlar gecə-gündüzün iyirmi dörd saatından səkkiz saatını isti hamamda keçirirlər ki, həna və rəng yaxşı tutsun. Qəzetlər yazır ki, müsyo Lizurtajın cavabı təsirsiz qalmayıb; çünki frəngcə oxuduğu nitqi Sədinin şeirlərilə itmama yetirib: Bələğəl-üla behəmamihi, Kəşəfəddüca-behecamihi, Həsənət cəmii xisalihi, Səllü əleyhi və alihi. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 iyun 1913, №18 * * * Kişi gəlir Mən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın. Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar. Və yenə mat qalmalı işdir ki, nə səbəbə bir para müsəlman qardaşlar razı olurlar ki, övrətləri yad kişilər ilə üzüaçıq danışırlar. Görəsən, necə onlar qorxmurlar? Vallah, qurd ürəyi yeyiblər. Amma, doğrusu, mən qorxuram. Mən ondan qorxuram ki, mənim övərətim çıxa kişilərin içinə və görə ki, dünyada məndən də yaxşı kişi var. Məhz bu səbəbə mən övrətimin qonaq qabağına çıxmağına razı olmuram; çünki qorxuram ki, məndən savayı bir özgə kişi görə, qəlbi dolana. Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram; onda izn verərəm hər kəs ilə istəyir danışsın. Amma bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, – otaqdan kənara çıxmağına razı ola bilmərəm. Məhəbbəti mənə ondan ötrü yoxdur ki, o heç bilmir məhəbbət nədir. Onu mənə on dörd yaşında könülsüz verəndə mənim qırx doqquz yaşım var idi; amma mənə ondan ötrü gəldi ki, bir kasıb qız idi. Mən özüm də bilirdim məni istəməyəcək, ancaq mənim pulumu istəyəcək, qızılımı istəyəcək. Amma nə eybi var, Allah müsəlmançılığa bərəkət versin; məndən savayı o kimi görəcək ki, məndən savayı özgəsinə məhəbbət yetirsin! Hərçənd hərdənbir aşpazımız ilə xəlvətə düşəndə sulaşırlar, amma mən də daha evdə kişi qulluqçusu saxlamıram. Yenə Allah müsəlmançılığa bərəkət versin. Hərdənbir mənim Avropa tərbiyəsi tapmış tanışlarımdan mənə deyən olur ki, “niyə övrətini dörd divar içində dustaq saxlayırsan?” mən də ona cürət ilə cavab verirəm: – Müsəlman övrətinin yad kişiyə görükməyinə şəriətimiz izn vermir. Amma bunu da bilirəm ki, mənim bu sözlərimə də inanan olmayacaq; çünki şəriətdən qorxmuram, övrətimdən qorxuram. Əgər şəriətdən qorxan olsaydım, binamaz olmazdım, gecə-gündüz çaxır içməyi özümə adət etməz idim; atabir, anabir bacımın atadan qalan mülkümüzdən olan hissəsini qəsb eləməzdim. * * * Və bir də qaldı ki, bir para ağzıqəşənglər başlayıblar qəzetlərdə yazmağa ki, nə bilim gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar, uşaqlarına tərbiyə versinlər, cəmiyyətlər tərtib eləsinlər, çalışsınlar, vuruşsunlar ta ki, millət qabağa gəlsin; yoxsa bu minval ilə getsə, İran da, Osmanlı da puça çıxacaq və övrətlərimiz yevropalı bacılarına özlərini yetirməsələr, yer üzündə heç bir islam milləti mədəniyyət meydanında qabağa dura bilməyib basılacaq və bir balaca Şvetsiya hökümətini təmsil gətirirlər ki, maarifin bərəkətindən Rusiya kimi kəl ilə baş-başa vurmağa hazırlaşırlar. Kəs səsini namərbut! Amma ravi rəvayət eləyib ki, bu heyndə içəri otaqdan dörd divar içində asılmış qəfəsdən belə bir səs gəlirdi: – Ax, vay!.. Boğuldum!.. Boğuldum!.. Hava! Hava! Barı pəncərəni açın!.. Boğuldum!.. Hava!.. Hava!.. – Kəs səsini, bihəya! Kişi gəlir, yavaş danış! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 aprel 1914, №13 * * * Pyatiqorsk Hələ yenə nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər. Ax, namərdlər! Ax, nainsaflar! Məgər görmürsünüzmü ki, otuzqırx il bundan qabaq millətimiz nə halda idi, indi nə haldadır? Məgər kordur gözləriniz? Əvvələn götürək içki içmək məsələsini. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı; doğrudan da, bütün islam aləmini xəcalət elərdi. Doluşardılar bunun başına və başlardılar məzəmmət eləməyə ki, “sən fanatiksən, sən qanmazsan, sənin ağzının ləzzəti yoxdur, sən məclis əhli deyilsən!” Amma indi?.. İndi hətta kəndlərdə bəylərin evlərində və şəhərlərdə tacirlərimizin, xanlarımızın və bir para arpazvannılarımızın evlərində içilən içki heç piyaniskaların evində içilmir. Hələ bu belə. İndi gələk mədəniyyətin ikinci mənfəətinə. Otuz-qırx il bundan irəli heç bir müsəlman xanımı bilməzdi ki, Pyatiqorsk nədir. Həqiqətdə bir millətin ki, xanımları Pyatiqorskinin varlığından xəbərdar deyillər, – o millət nəyə lazımdır? İndi görək Pyatiqorsk nədir. Pyatiqorsk Qafqazın şimal tərəfində bir şəhərdir ki, orada bir cür mədən palçığı var. Hər bir xanım ki, ərindən pis naxoşluq tutub, gedir Pyatiqorskiyə, orada o palçıqdan yaxır bədəninə və bir ayın müddətində anadan doğma kimi safa çıxır və çarşovunu yenə salır başına, qayıdıb gəlir vətəninə. Otuz-qırx il bundan qabaq Pyatiqorskidən biz müsəlmanların xəbəri yox idi; çünki hələ arpazvannı deyil idik. Hərçənd qabaqlarda tacirlərimizdən hərdənbir yarmarkaya gedən və oradan övrətinə naxoşluq sövqatından gətirən olurdu; amma az-az ittifaq düşürdü. Amma şükür olsun pərvərdigari-aləmin cəlalına, indi xah yarmarkaya gedən tacirlərimizin bərəkətindən, xah rus şəhərlərinə gəzməyə çıxan əsnaf, xan, bəy, rəiyyət. Xülasə, dəxi niyə məni bu qədər danışdırırsan? Arifsən, gərək bir qıldan mətləbi başa düşəsən. Onu ərz edirəm ki, Şuşa qalasından başlamış Naxçıvan, İrəvan, Gəncə, Bakı, Tiflis və qeyri yerlərdən hər il Tiflisə elə ha müsəlman xanımıdır ki, gəlir. – Niyə gəlir? – Naxoşdur. – Nədir naxoşluğu? – Ərindən tutubdur. – Bəs əri hardan tutubdur? – Əri də gecə yarısı qaranlıq küçələrdə gəzən arvadlardan tutubdur. Nə eybi var, öz övrətimdir, kefim istər apararam Pyatiqorskiyə müalicə etdirərəm, kefim istəməz boşaram, bir canı safını alaram. * * * Ax, nainsaf köhnəpərəstlər! Bəs niyə mədəniyyətin mənfəətini danırsınız? Bəs mədəniyyət olmasa idi, haradan bizim tacirlərimiz yarmarkanın və bəy-xanlarımız Tiflisin və Bakının yolunu tanıyacaq idilər və tanımasa idələr, haradan naxoşluq tapacaq idilər və tapmasa idilər, nə tövr övrətlərimiz Pyatiqorsk kimi gözəl şəhəri tanıyacaq idilər?! Amma bunu da ərz edirəm ki, mədəniyyətin mənfəətini və qədrini bilən tək bircə biz müsəlmanlarıq ha! Bax bunu bil və yadanda saxla. Yoxsa bu qanmaz ermənilər və axmaq gürcülər bizim kimi deyillər, onlar çox qanacaqsız və kobud bir millətdirlər, onlarda heç ruh yoxdur. Belə şeyləri qanmazlar və erməni, gürcü xanımı Pyatiqorsk-zad bilməz. Odur, Şuşa qalasında heç bir erməni kişisi fahişəxananın yolunu tanımaz. Bunu Şuşa mollaları da təsdiq edə bilər. Onunçün fahişəxana müsəlman məhəlləsində açılıb. Xülasə, insanda bir azca ruh da gərək olsun; yoxsa qanacaqsız adamnan mənim aram yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 aprel 1914, №15 * * * Dili tutulub Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir. Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər: – Ana, doymadım, yenə mənə aş ver! Göyçaylı Niyazi əfəndi şkolanın elmi-ilahi müəlliminin məvacibini az hesab eləyir. Amma mənə qalsa, heç bir şey deyil; məhz tamahkarlıqdır, qarnı tox, gözü aclıqdır, gözü tox, qarnı aclıqdır. Çünki Göyçay elmi-ilahi müəlliminin məvacib payı özgə şkolaların elmiilahi müəllimlərinin payından artıqdır. Götürək Qafqazın paytaxtı Tiflisi. Burada gimnaziyada mollaya nə qədər məvacib verilir? Ayda altı manat otuz üç qəpik; yəni Tiflisdə gimnaziyalarda oxuyan müsəlman cavanlarına ayda altı manatlıq müsəlman dərsi verilir. Gedək Bakıya. Burada “Zavedeniye” adlı qız gimnaziyasının müsəlman müəllimi mənim dostumdur. Bunun adı cənab Zəkəriyyadır. On səkkiz il qulluq edir və ayda nə alır? Burada təhsil tapıb qurtaran bir müsəlman qızına bir gün dedim: – Götür müsəlmanca bir kağız yaz. Götürdü qələmi və kağızın üstündə it ayaqlamış soğan kərdisi çəkdi. Soruşdum: – Müəllimin ayda nə qədər məvacib alırdı? – Cavab verdi: – Ayda beş manat. – Dedim: – Ürəyini sıxma, şükür elə, hələ yaxşısan. * * * Budur ki, rus məktəblərində oxuyub qurtaran cavanlarımız axırda oxuyub-yazmaq bilmirlər; çünki hər bir insanın xəlq olub və sonra ölməyi də bu qanun üzrə əmələ gəlir: görürsən ki, bir şəxs yaşayır, yaşayır, axırda əcəli tamam olur. Mərəz də bir bəhanədir. Həmin mərəz bəhanəsini oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, Allah tərəfindən təyin olunubdur əcəli tamam olan şəxsə ana dili öyrətsin. Əcəli müəllim ayda beş manatdıq dərsini deyəndən sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə buna deyirlər “fatihə”, ermənicə də deyirlər “merrav”. * * * Necə ki, insan ölüb torpaq olur, bu topaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz. Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər. Budur təbiətin qanunu! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1914, №17 * * * Şükür Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”. Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır. Əvvələn, danışılan sözlərin biri budur ki, hər bir millət arasında qəzet ki var, böyük bir şeydir. Qəzet olmasa, millət qabağa getməz; o səbə qabağa getməz ki, məsələn qəzet olmasa, İrəvanda vəfat edən bir bəyin bu dünyayi-fanidən dünyayi-baqiyə getməyini kim biləcək? Amma qəzetin bərəkətindən indi cəmi yer üzünün müsəlman qardaşları bilir ki, İrəvanda flan ayın flanında bir şikəstə-nəfs vücud Allahın rəhmətinə gedib. Bu xəbəri indi Qarğabazarda da oxudular, Danabaş kəndində də oxudular, Zərdabda da oxudular, Sabunçuda da, Palan Qapanda da və Naxçıvanda da oxudular. Qəzetin bir mənfəəti bu. İkinci mənfəəti budur ki, indi Quba meydanında və şeytanbazarda məşədi qardaşlar oxudular və bildilər ki, İrəvan müsəlmanlarının evləri külli-kufan oldu və belləri qırıldı; çünki İrəvanda bir elə vücud vəfat edib ki, ömründə heç bir kəsə əziyyəti yetişməyib. Vaqeən böyük bir qənimətdir: özün olasan İrəvan mülkədarı, bəyzadə, dövlətli, müsəlman içində tərbiyə tapmış və müsəlman qardaşlara pislik eləmiş olmayasan, – vallahı ki, bu özü bir elə qənimətdir ki, min dəfə şükür eləməlidir və necə ola bilərdi bir belə mərhumun adını qəzetə yazmamaq ki, cəmi mömün qardaşlar oxuyub xəbərdar olmasınlar?! O qələmi vuran barmaqları qızıla tutmalıdır. Bu, qəzetin ikinci mənfəəti. Üçüncü mənfəəti odur ki, əgər biz xoşbəxt millətin içində qəzet olmasaydı, indi Ağcabədi kəndində, Qurbağalı qəsəbəsində, Kürdəmir şəhərində və Danaqırt vilayətində haradan biləcək idilər ki, İrəvanda bir dövlətmənd şəxs vəfat etmək ilə İrəvan müsəlmanlarını başıaçıq və yetim qoydu? İndi bu xəbəri Rusiya və erməni dövlətməndləri oxumuş olsa, öz-özlərinə deyəcək ki, vallah bu müsəlman dövlətməndləri xoşbəxtdirlər. O səbəbə ki, sağlıqlarında millət yolunda heç bir qəpik də ehsan eləməyibsələr də, yenə öləndə adları qəzetlərdə söylənəcək. Amma xaricilər axır bizim işlərdən xəbərdar deyillər. Onlar bunu bilmirlər ki, nə qədər bizim içimizdə bəyzadə və xanzadə var, bunların yanında millət söhbəti düşəndə öskürmələri tutur və ciblərindən dəsmalı çıxarıb basırlar ağızlarına və belə bəhanə ilə kənar olurlar. Odur ki, İrəvanda vəfat edən ağaya şükür eləməlidir. Doğrudan, yenə minlərcə şükür olsun! Şükür və yenə şükür! O ki, qaldı bizim qəzetlərimiz, – bunlarda da biclik var: bunlar belə-belə xəbərləri yazmaqda xəyalları İrəvan camaatına sataşmaqdır; yəni ey irəvanlı qardaşlar, nə olardı ki, o mərhum öz sağlığında neçəneçə kəndlərin birini millətin maarifi yolunda ehsan eləyə idi?! * * * Hər kəs nə deyir desin, amma mən yenə bunu deyirəm ki, minlərcə şükür etməlidir ki, bizim də qəzetlərimiz var; yoxsa olmasa idi, kim bilicək idi ki, İrəvanda flan tarixdə flan ağayi-möhtərəm vəfat edib?! Min dəfə şükür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 iyun 1914, №20 * * * Ruhanilər yığıncağı İndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına. Hələ bu belə. İndi qaldı o biri məsələ: o da Peterburq ruhanilərimizin yığıncaq məsələsidir ki, ordubadlıların və Padar camaatının göz dikdikləri məsələdir. Doğrusu, indi biz bədbəxt müsəlmanların gələcəkdə xoşbəxt və bədbəxt olmağımız həmin bu məsələdən asılıdır. Əgər həmin Peterburq yığıncağında qərar qoydular ki, Bakı ruhanilərimizin məvacibini artırsınlar, o vədə bizim gələcəkdə nicatımıza yenə bir ümid yolu var; əgər belə olmasa, dəxi evimiz yıxıldı. Həqiqət, bizim işlərimiz çox dal-qabaq düşüb. Bax, Bakıdan vəkil seçib göndərdilər, amma bir bunlara deyən oldumu ki, gedib orada nə danışsınlar və nə yolda çalışsınlar? Heç bir bunu yada salan oldumu ki, Bakıda hər bir yazıq adamın yolu ki, qəzavatxanaya düşür, evinə qayıdan kimi deyir: – Arvad, iynə-sap ver, cibimin deşiklərini tikim! Hələ bilmirəm bu nə vəkildir, imam Kuramşin haman məclisdə gör nə danışıb: durub ayağa və bir odlu nitq də söyləyib ki, gərək bizim övrətlər ilə kişilərin hüququ bərabərləşsin; yəni kişilər küçəyə üzüaçıq çıxan kimi, övrətlərimiz də üzüaçıq çıxsınlar. Maşallah söz danışana! Hələ bilmirəm bu nə vəkildir, imam Kuramşin kimdir? Bu nə sözdür? Hələ bilmirəm Topçubaşov cənabları nə səbəbə bu imama cavab verməyib? Bir də eşitdim ki, Peterburq məclisində Qafqaz vəkilləri bu məsələni də ortalığa qoyublar ki, müsəlman qızları doqquz yaşa çatandan sonra dəxi məktəbə qəbul olunmasınlar və oxuyurlarsa da, məktəbdən kənar olsunlar. Bunun da səbəbi məlumdur; çünki qız doqquza çatandan sonra dəxi naməhrəmdir və ərə getməli vaxtıdır. Hərçənd bu təklifimə dovzanqurdular və bakılılar razı olmayıblar, amma qələt eləyirlər. Bir də qaldı Maku xanlarının bir-birilərini qırmaq məsələsi və Bakıda Pyantkovskaya artistka xanıma on min manatlıq brilliyant bağışlamaq məsələsi. Bu məsələlər barəsində də Peterburqda ruhanilər yığıncağında danışıq olunub; amma hələ ki, nəticəsi bizə məlum deyil. Bunu biləndən sonra gələn nömrədə yazarıq. Hələ ki, sizin sağlığınız. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyun 1914, №21 * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-felyetonlar-1906-1914 İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.