Felyetonlar və məqalələr (1917–1931) Cəlil Məmmədquluzadə (1869–1932) İdarədən Möhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır. Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım? Qabaqkı suala cavabımız yoxdur; ondan ötrü ki, jurnalın dayanmağının səbəblərini axtarsaq, çox səbəb tapılar, ya bəlkə heç bir səbəb tapılmaz. Amma söz burasındadır ki, bu barədə danışmağı burada hələlikdə lazım görmürük. O ki qaldı, ikinci mətləbə, yəni əgər məndən soruşursunuz ki, bu iki ilin müddətində nə iş görürdüm, mən özümü cavab verməyə borclu bilirəm. Ondan ötrü borclu bilirəm ki, bikar qalmaq hamı üçün yaxşı bir iş deyil, xüsusən Molla Nəsrəddin əmiyə indiki zəmanədə dinməmək, söyləməmək yaraşmaz. Xeyr, bikar deyildim, xudanəkərdə! Hər necə olmuş olsa, mən bikar qalmanam; ondan ötrü ki, müsəlmanam. Müsəlmanın təklifi çoxdur. Əvvəl götür bizim xeyir və şər işlərimizi; götür müsəlmanın şadlıq və qəmlik günlərini və bir yaxşıca mülahizə elə və əgər insaf əhlisən, sən özün görəcəksən ki, əsil müsəlman (mən əsil deyirəm, yoxsa qəlp müsəlmanla işim yoxdur), bəli, əgər insaf əhlisən, görəcəksən ki, əgər durasan el içində qayda ilə, ata və babadan qalan yol ilə camaatın xeyir və şər adətlərinə tabe olmağa və bu adətləri necə ki, lazımdır layiqincə yerinə yetirməyə ki, heç bir qüsuru qalmasın və el səni töhmətləndirməsin, o vədə görəcəksən ki, dəxi sənin özgə bir işə getməyə, nə sənətə, nə sövdəyə, nə xidmətə, nə qeyri bir zəhmətə (hələ təhsili-elm və fünun demirəm – bunlar hələ uzundur), xülasə görəcəksən ki, dəxi qeyri bir işə nə vaxtın var və nə macalın. Və söz yox, hər bir mətləbi sübuta yetirməyə şahid və isbat lazımdır, biz də dediyimiz sözü sübuta yetirək. Sən əvvəl-qabaqca götür məhərrəmlik qabağı toyları. Məlumdur ki, məhərrəm ayı daxil olan gündən səfər ayının axırınadək şad olmaq və xeyir iş başlamaq caiz deyil. Hər bir kəsin bir xeyir işi olsa, gərək onu zilhiccə ayının axırıncı gününə kimi tamam eləsin ki, məhərrəm ayına keçməsin. Onda, bəs, müsəlman camaatının təklifi nədir? Budur ki, toyları və kəbinləri məhərrəmin qabaqkı günü, yəni aşuraya on gün qalanda qurtarsın ki, dəxi məhərrəmlikdə qəm və qüssədən savayı özgə fikri olmasın. Əlbəttə, belə olanda cəmi müsəlman toyları düşür məhərrəm ayının qabağı zilhiccə ayının axırlarına. Baxıb görürsən ki, qonşuların, qohumların, dost və aşnaların hər yandan səni toya dəvət edirlər və necə də getməmək olar və niyə də getməmək? Bir vaxt baxıb görürsən ki, sağ tərəfdə toy, sol tərəfdə toy, çalğı, tarzən, ney, düdük, xanəndə, çəpik. Xüsusən axşamlar olanda görürsən ki, bu saydığımız eyşü işrət sədaları qarışıblar şaxseyə; çünki hamı bunu bilir ki, məhələlərdə şaxsey getmək hələ məhərrəmliyə on beşiyirmi gün qalanda başlanır, gecələr, ələlxüsus mehtab gecələri, yəni ay işığı olanda, bir tərəfdən Lütfəlibəyin oğlunun toyundan xanəndə Həmidin səsi gəlir, bir tərəfdən də eşidirsən: şaxsey! Bir tərəfdən eşidirsən: uxxay! Bir yandan xanəndə oxuyur: “Təaləllah çe dövlət darəm im şəb”. Bir yandan dəstəbaşı bir cavan bığıburma dəyənəyi qalxızıb zahirdə doğrudur çığırır “Heydər”, amma batində xanəndə dediyini deyir. Çünki bu cavanın gəlini dünən gəlib, bu da elə batində deyir: “Ke aməd nagəhan dildarəm im şəb”; çünki keçən gecə bunun zifaf gecəsi idi, bu gecə şaxsey dəstəsinə yapışıb, imama təziyə saxlayır. Gərək indi bunu da bilmək və yadda saxlamaq ki, məhərrəmlik günləri gah şaxsey dəstəsinə yapışan, gah növhə dəstəsində sinə vuran, gah şəbeh məclisində gözyaşı tökən cavanların çoxu həmin bir-iki gün bundan qabaq evlənən və gəlin gətirənlərdi. Məsələn, bir cavan ki, görürsən yalandan gözünün yaşını silir, bir saat bundan qabaq təzə ərusinin gözlərini öpüb gəlib məscidə. Qeyri bir cavanı görürsən ki, sinəsini şapalaqnan döyüb qızardıb, yarım saat bundan qabaq başını qoyub təzə nişanlısının sinəsinə, sonra da gəlib təziyə məclisinə. Və bunu lazımdır bilmək və yadda saxlamaq ki, indiki əsrdə müsəlman cavanlarının bir azını çıxandan sonra qalanlarının zifaf gecələri məhərrəm ayının matəm gecələrinə düşür, yəni toyları məhərrəmliyə qarışır və kim bilsin, bəlkə elə bunun nəticəsidir ki, şaxseybazlıq müsəlman uşağının qanına işləyib. Mən bu məsələni tapşırıram insaf əhlinin zaiqəsinə və keçirəm söhbətə. Bəli, bir ay zilhiccə toyları, on gün məhərrəmlik, sonra təkyələr, mərsiyələr, məscidlər. Yenə təzə bir mərsiyəxan gəlib və bunun təzə qədəmini təbrik etmək üçün yenə təkyə tərtib verilib. Məhərrəm və səfər ayları, beləliklə, keçdi getdi və istəyirsən ki, nəfəsini alıb gözünü açasan və görəsən ki, dünyada mərsiyədən savayı dəxi nə var, nə yox, bir də eşidirsən ki, bir mötəbər vücud Allahın rəhmətinə gedib. Bəli, dəxi işin tamamdır… Meyiti götürmək, məclisdə əyləşmək, mərsiyə, siparə, ehsan, yenə mərsiyə, bir yandan da arı vızıltısı kimi dabanı çatdaq xalaların ağlaşması, yenə məclis, yenə plov, yenə mərsiyə, yenə məclis, buyur, xeyir, zəhmət çəkmə, xudahafiz, təşrif gətiribsən, Allah rəhmət eləsin, fatihə, yenə plov qazanları, yenə yeyib içmək, yenə dilənçilik, yenə bikarçılıq, yenə gözəl vaxtı zay etmək, yenə fatihə, yenə fatihə, yenə fatihə (vallah mən yaza-yaza yoruldum, amma zalım oğlu mərsiyəxanlar yorulmadılar!). Bəli, vücudu millətimiz üçün qənimət olan ağaların bir-ikisi-üçü bir minvalla Allahın rəhmətinə getsə dəxi iki-üç ay da beləliklə keçib gedəcək. Bəli, sən hələ istəyirsən məni məzəmmət eləyəsən ki, ay Molla Nəsrəddin, bu qədər vaxt ki, jurnal yazmırdın, bəs, necə bikar oturmuşdun? İnsan da məgər bikar qalarmı? Mən də bunun cavabında deyirəm ki, ay qardaş, vallah, billah, mən bikar deyildim. Mən nə qədər işə getməyəm, ticarətlə məşğul olmayam, sənət öyrənməyəm, nə qədər ki, bu saydığım dünya işlərindən uzaq olsam da, yenə bikar deyiləm; çünki mən müsəlmanam. Hələ götür bu rəməzanı. Bircə oruc tutmağı demirəm və orucluq günləri ağayi-Şirazinin risaləsində xəbər verilən məsaili-ruzə söhbətlərini demirəm və bu barədə açıq-açığına yazmıram, çünki ayıbdı, mənim jurnalımı balaca uşaqlar və xanım bacılar da oxuyur. Cənab ağayi-Hacı Mirzə Məhəmmədhəsən ağa kitabını bir para siğəbaz və lotu hacı və məşədi və mollanümalardan ötrü yazıbdır. Əgər biz də duraq ağanın kitabında yazılanı rəvayət edək, senzor bizi töhmət altına salar (o qədər bihəya sözlər və mətləblərdir). Bəli, rəməzan gəlir. Bəs, rəməzan tədarükünü sən az işmi bilirsən? Tamam şaban ayını mən rəməzan tədarükünə sərf edirəm. Deyirlər Hacı İbadda xalis inək yağı var, amma zalım oğlu zalım putunu səkkiz yüz manata deyir. Çarəm yoxdu, gərək alam; axır mən oruc tutacağam. Bəs, bunun düyüsü? Hacı Muradda deyirlər, yaxşı akulə düyüsü var. Amma deyirlər gizlədib. Çarə yoxdu, gərək yalvaram-yaxaram, orucluq ayı lazım olan qədər alam; axır mən oruc tutacağam. Əzizim, qardaşım, mənim canım və ciyərim, sən Vilsonun notasından söhbət salırsan, amma axır bir fikir elə gör ki, şaban ayıdır, orucluq tədarükü görmək lazımdır. Bəs, plovun qarası? Bəs, əriyi, kişmişi, xurması, badamı? Sən ingilis və rusla İran politikası danışırsan. Amma mən sənə deyirəm ki, bəs, tək bir plovla oruc açmaq olmaz. Bəs bunun yanındakı xuruşları? Sən orta məktəblərdə ana dili söhbəti salırsan. Amma mən də sənə deyirəm ki, axır ana dili-zad qanmıram. Sən mənə bunu de görüm sən orucluq tədarükü görübsənmi? Bəli, bir ay şaban, bir ay rəməzan; bu da beləliklə keçdi getdi. Sonra da istəyirdim qəzeti açam görəm, bu, nə gürcü-müsəlman məsələsidir, elə istəyirdim bu məsələni öyrənim, bir də gördüm ki, anam girdi içəri və ağlayır… Nə var, ana? Ki, ay bala, nə olacaq? Görürsən, Kərbəlayı Qasım anasını bildir də ziyarətə apardı, bu il də aparır. Amma səni mən böyüdüb yekə kişi eləmişəm, heç xəbər alırsanmı ki, bəlkə mənim də bir para arzularım var. Deyirəm, ay ana, bir insaf elə, səni altı dəfə mən Kərbəlaya və Xorasana aparmışam, altı dəfə də məşədi Qulam Əli oğlun aparıb. Dəxi, bəs, deyilmi? Pəh, pəh, asan imiş başa salmaq! Ziyarətə nə haqq-hesab? Ziyarətə on iki dəfə də getmək yaraşar, yüz on iki də yaraşar. Dəxi nə deyə bilərəm?! Əhvalat bu qərar ilədir, əziz oxucularım. Əgər durasan şəriətmədarların və müctəhidlərin yazdıqları və bizə təlim etdikləri yol ilə müsəlmançılığı saxlayasan, o vədə görəcəksən ki, tamam on iki ay müsəlmançılığa məşğulsan. Mən əsli müsəlmançılığı deyirəm, yoxsa qəlp müsəlman olmaq istəsən, onda gərək özünə bir iş axtarasan. Molla Nəsrəddin “Şəriət[mə]dar” dedim, məşhur şəriətmədar yadıma düşdü (Allah rəhmət eləsin). Həmin şəriətmədarı deyirəm ki, oğlu İran təbəəliyindən çıxıb, indi əcnəbi hökumətlərin birinin konsulxanasında “attaşe”lik xidmətindədir. Allah vücudunu bibəla eləsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 fevral 1917, №1 * * * Qeyrət Möhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq. Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur). Ancaq qanmıram səbəb nədir ki, bu bitərəf duran hökumətlərə “neytralni” ad qoydular. Axır məlumdur ki, farsca “ney”– düdüyə deyər, “türa”– yəni “sənə”, “ləni” ərəbcə yəni “çal”. Demək, hansı mərdüməzar isə bu bitərəf hökumətlərə bu adı qoymaqda, əlbəttə, fikri bunlara dolaşmaqdır; çünki nə dəxli var, mənim kefim istəyir davaya qarışıram, istəmirəm, – qarışmıram. Dəxi mənim adımı “düdük çalan” qoymaqda yəni bir de görüm sözün nədir? Bəli, keçək müharibə söhbətinə. İndi mən Molla Nəsrəddin, möhtərəm oxuculardan üzr istəyirəm. Xəyalım bu idi bu gün Avropa davasından bir az danışam və eşitdiyim təzə xəbərlərdən yazıb oxucuları bəzi mətləblərdən agah edəm. Amma bu saat bəndəyə xəbər gəldi ki, Tiflis gimnaziyasında ana dili barəsində yığıncaqdır və həmin xəbəri eşitcək mən belə məsləhət bildim ki, müharibə məsələsini (yəni cəhənnəmə-gora getsin), bəli, müharibə məsələsini qoyum hələ qalsın, keçim ana dili söhbətinə. Məsələnin müxtəsəri budur ki, bu zəhrimar dava başlanandan bir para zəif millətlər polyakların azad olmağını ünvan eləyib istəyirlər baş qalxızsınlar ki, yəni biz də varıq. Məlumdur ki, keçən ay Tiflisdə şəhər duması vəkilləri bir səs ilə qərar qoydular ki, hökumətin orta məktəblərində ana dilinin qeyri dərslər dərəcəsində oxunmağını tələb etsinlər. Həmin məclisdə bu qərardada ermənilər də və gürcülər də qol qoydular. O ki qaldı, müsəlmanlara, – müsəlmanlardan duma məclisində tək bir nəfər şəxs var imiş ki, o da durub belə fərmayiş edib: Ağalar, ana dili barəsində biz müsəlmanların qandığımız belədir; ana dilinin tərəqqisi, yəni əgər biz duraq özgə elmləri də və özgə dilləri də oxuyaq və öz ana dilimizi oxuyaq, – bu bir çətin işdir. Əgər biz ana dilimizə də qeyri millətlər kimi əhəmiyyət verək və öz aramızda ana dilimizdə danışaq, onda deməli ki, gərək hər bir cəmiyyətimiz pozula; səbəb budur ki, xah Tiflisdə, xah Bakıda nə qədər ki, milli cəmiyyətlərimiz var, onların heyətlərinin üzvləri rusca danışırlar və çoxusu heç öz ana dilini bilmir. Bu işin ikinci çətinliyi də budur ki, indi hökumət bizə, tutaq ki, elə izn verdi ki, ana dilimiz məktəblərdə oxunsun. Amma di gəl ki, müəllim hanı? Haradan sən o qədər ləyaqətli müəllimlər tapa bilərsən ki, lazımi qədərincə kifayət versin? O ki, Bakı müəllimləridir, – onların barəsində məşhur şair “Ədib” təxəllüs demişkən, həmişə dərs vaxtı klasda yatırlar. Vəbalı şairin boynuna, gör nə deyir: Çox məharətli, bilikli və çalışqan insan Yaranıb türki deməkdə bu müəllim deməli, Qatmayın zəhr, ay uşaqlar, belə bozbaş suyuna, Dərs oxutduqda yatır, ya oyanır, neyləməli?!.. Həmin müsəlman qardaşa duma üzvlərinin biri belə cavab verir: Xeyr, ağa, sizin səhviniz var. Əgər istəsəniz, elə müəllim taparsınız ki, nə gündüz yatsın, nə gecə yatsın; məsələn, götürək qazılarınızı ki, onlara siz gətirin qazanc yolu göstəriniz, görünüz yatırlar, ya yox? Amma siz müsəlman milləti qızlarınızın qədrini bilmirsiniz, onlar da keçən ay gedirlər Cavanşir dağlarında avam camaatı aldadırlar ki, hökumətdən qərardad var ki, cəmi dul övrətlər gərək gedələr dava meydanında saldatların paltarlarını yuyalar və məni də hökumət göndərib ki, arvadları siyahiyə götürüm. Söz yox, bu xəbəri eşitcək gör biçarə övrətlər necə təşvişə düşürlər. Axırda başa bir put xalis inək yağı və putyarım camış yağı alandan sonra, cənab qazı arvadları azad edir. İndi gör, yağın bu baha zamanında nə qədər mənfəətli bir işdir! İndi belə bir qazıya sən götür yaxşı məvacib ver, gör klasda yatar ya, yox? Mən söhbəti qurtarıram, amma qorxuram ki, oxucular nigaran qalalar ki, bəs məqalənin ki, başında yazılıb: “qeyrət, bəs indi bu yazıpozudan nə mətləb ələ gəldi və qeyrət söhbəti necə oldu; bitərəf hökumətlər harada qaldı və ana dilinin inək yağına nə dəxli var və bu nə sözdü, nə danışıqdı və bu işlərin əvvəli hansı, axırı hansıdır və müxtəsər ki, sözün nədir? Vallah, özüm də bilmirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 fevral 1917, №2 * * * Şor Bir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür. Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub. Bəli, il dolandı, yaz keçdi, yay qurtardı və payız gəldi və xəta oldu ki, ittifaqən müsəlman cəmiyyəti-xeyriyyəsinin üzvlərinin yolu Acariya müsəlmanlarının içinə düşdü və cəmiyyəti-xeyriyyə müsəlmanları baxıb gördülər ki, Acariyada gürcü müsəlman qardaşların dini əldən gedir: nə məscid, nə vaiz, nə şaxsey, nə doqquz yaşında qızları zornan ərə vermək. Bəlkə on doqquz yaşında qızlar hələ elm dalınca getmək istəyirlər. Amma o yerlərdə ki, gürcü qardaşlar islam dinini möhkəm saxlayıblar, həmin müsəlman gürcüsünün evinə girirsən, görürsən Yevropa libasında bir xanım birdən qapının dalından səninlə gizlənpaç oynayan kimi üzünü örtüb qaçdı. Onda yadına düşür ki, bəli, bu müsəlman evidir. İndi gələk mətləb üstünə. Haram olsun gürcü qardaşların bivəfa qəzetçilərinə Ağdaşdan çəkilən bildirki teleqraf! Heç olmasa teleqraf sahibinin xatirəsi üçün lazım idi hövsələ eləmək. Bir saatlığa tutaq ki, din təəssübü xeyriyyə üzvlərini həddindən bir balaca artıq şövqə gətirmişdi; amma bununla belə lazım gəlirdi bunu bilmək ki, necə ki, məhəbbətin duzu artıq olanda, dadı şor olur, habelə umu-küsünün də duzunu qədərindən artıq salsan, söz yox ki, o da şor dadı verəcək. Nə keçən il lazım idi küçədə görüşəndə uşaq kimi qucaqlaşıb öpüşmək (Ağdaş teleqrafı), nə də bu il lazım idi uşaq kimi küçədə gülüşmək (ağzı köpüklü gürcü qəzetləri). “Gər betədric mirəvəd” – bunun heç kəsə zərəri olmazdı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 fevral 1917, №3 * * * Müftilik məsələsi İndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir. On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir. Bir tərəfdən seçik üsulu, – necə ki məlumdur, – müsəlmançılığın tarixinin əvailində başlanıb; demək, bu üsulun tərəfdarı olmaq biz müsəlmanlar üçün təbiidir. Digər tərəfdən işin çətinliyi buradadır ki, əgər duraq intixab söhbətini ortalığa gətirək, onda iş uzanacaq və bu uzanmağa da müftilik mənsəbini axtaran cənabların doğrusu tabü tavanaları yoxdur və necə bunları qınamaq olar? Bir gör neçə ildir müntəzirdirlər! Ərizələr gör neçə ildir yazılıb! Hələ bundan sonra da gəl gözlə görüm millət intixab məsələsini nə vaxt öz ixtiyarına alacaq. Söz yox, bu oldu bir uzun iş və həmin bu səbəbdən məsələ çox çətin sürət bəhəm eləyib. Əgər duraq intixab məsələsinin dalına düşək, onda müftilik kanditatlarının ürəyi sıxılacaq. Və əgər duraq bunlara kömək edək ki, ərizələri tez qəbul olunsun, onda hökumət özü görəcək ki, seçki üsuluna biz müsəlmanlar ləyaqəti olmayan bir millətik. Doğrusu, mən bu işdən baş çıxarda bilmirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 mart 1917, №4 * * * Mübarəkbadlıq Rusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur. Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı. Bəli, zəmanə dolandı və dəyirman tərsinə çevrildi: padşahı taxtdan saldılar, vəzirləri dustaq etdilər və camaat vəkilləri ixtiyarı öz əlinə alıb başladı məmləkəti öz səliqəsilə idarə etməyə. Millətlər oldu azad, gün çıxdı və iki bayram qarışdı bir-birinə. Mən istəyirdim səmim qəlbdən oxucularıma “mübarək olsun” deyəm; elə istəyirdim ağzımı açım, – birdən qəlbim sıxıldı. Ax, dünya, ax vəfasız dünya! Səndə xoşbəxtlik yoxdur, necə ki, şair deyibdir: “Dər in dünya kəsi biğəm nəbaşəd.. . ”. Mən bu iki bayramın münasibətilə indi kimə mübarəkbadlıq göndərim? Millətlərin azad olmağına ürəkdən şad olan ilə olmayanı mən nə tövr tanıyım? Doğrudur, hürriyyət yaxşı şeydir, amma kimə və kimdən ötrü? Bizim müsəlman camaatı ibarətdir bir neçə sinifdən. Bu siniflərin bir neçəsi üçün həqiqətdə də indiki inqilab bir böyük novruzdur; amma insafnan danışsaq görərik ki, qeyri-siniflərin rəyincə bu vüquatın özü bir qara bayramdır. Qardaşım, bir nəzərinə gətir, gör başımızın sahiblərini! Məgər insafdır milyonçuları əmələlərin ümidinə qoymaq? Bu gün bazara təzə rəis təyin edirlər. Kimi? Bir təşəxxüs-zad bilməyən və adı indiyədək əyanlar məclisində danışılmayan bir Allah bəndəsini. Pəhə, bu da oldu mənə hürriyyət! Qardaş, bir insaf elə, indi küçədə uşaqlar müsavat deyib bağırırlar. Ədə, müsavat nədi və əyanımızın və xanımızın bir paraları necə bu dərdə tab eləsin? Sən hələ götür yekə-yekə çinovniklərimizi ki, ildə bir dəfə padşaha ad qoyulan günü məscidə gələndə Allahın evində də istəmirdilər özlərini müsəlmana oxşadalar. İndi onlar necə bu dərdə tab eləsinlər ki, o yazıqların haman istəkli padşahı bu biçarələri yetim qoydu. Sən götür medallı axundlarımızı. Bəs, bu yazıqlar nə eləsinlər?! Və bunlardan da savayı hələ içimizdə nə qədər atası, anası, məsləki və məzhəbi məlum olmayan zatlar var ki, onlara nəinei mübarəkbadlıq.. . Xeyr, Allah onlara səbir versin, səbir! Və girəm ki, bir vaxt olacaq ki, bizim balaca uşaqlarımız bunların yaxasından yapışıb rus vəzirlərindən hesab istyən kimi, hesab istəyəcəklər. Vəllakin hələ biz indinin sözünü danışırıq; və xudavəndialəmdən istida etdiyimiz budur ki, bugünkü gündən möhtərəm oxucularımızı şad edib başımızın sahiblərinə səbir versin. O ki qaldı, bundan sonra nə olacaq və nə eləməliyik, – bu barədə Allah qoysa yavaş-yavaş danışarıq; heç tələsmək lazım deyil: Allah-taala səbir eləyənləri dost tutar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 mart 1917, №5 * * * Xoşbəxtlik Allah-taala biz müsəlmanları xoşbəxt yaradıb. Bir fikir elə və gör ki, heç zəhmət çəkməyə-çəkməyə hər nə ki, dünyada var, – hər bir şey bizim ixtiyarımızdadır. Götür dəmir yolu, teleqrafı, telefonu və qeyri bunun kimi şeytan işlərini, – bunların ixtiyarında nə ki, zəhmət çəkmişik, bəlkə bunları avropalılar sümük sındırıb icad edəndə biz ayaqlarımızı soyuq suya uzadıb, on səkkiz saat iftarın intizarında olurduq, amma axırda Allah-taala bizi bu dünya nemətlərinin heç birindən məhrum qılmadı; çünki həqiqətdə də biz xoşbəxtik. İndi götür bu təzə hökumət məsələsini və heç bu barədə şübhə ola bilməz ki, dəxi bundan sonra azad millətlərin içində azad yaşayan millətlərin biri də biz müsəlman qardaşlar olacağıq. Amma sən onu de ki, axır qeyriləri bu azadlığı müftə ki, almayıblar. Məlumdur ki, iş bu yerə çatana kimi Petroqrad və Moskva şəhərlərində minlərcə canlar tələf olub, çaylardolusu qanlar axıb və bundan savayı nə qədər möhnətlər və zəhmətlər çəkilib və çəkilməkdədir. Amma axırda yenə bu asudəlik və azadəliklərin səmərəsi əvvəl və axır yenə bizə də ki, çatacaq və necə də ki, çatmaya bilər? İndiki azad millətlər əlbəttə ki, bizi yaddan çıxartmazlar; o səbəbə ki, biz dünyanın ən xoşbəxt millətlərindənik. Əgər insafı ortalığa qoyaq, baxıb görərik ki, bu deyilən sözlərin özü elə bir həqiqətdir ki, bu həqiqətdən yuxarı heç bir qeyri həqiqət tapılmaz və tapıla bilməz. İndi sən götür paytaxtlarda qan tökən rus millətini; yəni məhz rus millətini. Onlar nə istəyirlər? Onlar ki, müsəlman deyillər? Məgər köhnə rus hökuməti onların da məscidlərinin ixtiyarını öz əlinə alıb mollalarını və müfti və şeyxül-islamlarını bir “kokarda” ilə tovlayıb müsəlman millətindən ayırmışdı? Bəs, onlar niyə qanlarını axıdırlar? Məgər dəlidirlər onlar? Məgər Nikolayın hökuməti onların məmləkətlərində Aşqabaddan Türküstan, Saritsin və Orenburğa kimi istəyirdi bir az müddətdə bu qədər əhalinin fikirlərini ruslaşdırıb, dinlərini xaçpərəstləşdirib, torpaqlarını içəri Rusiya əhalisinə təqsim edib, bir az müddətdə neçə milyon müsəlmanı yer üzündən yox eləsin?! Və indiyədək hansı bir işdə, hansı bir xidmətdə, hansı bir idarədə və divanxanada, kim bunu bilmir ki, hər yanda biz müsəlmanların ixtiyarı qeyri millətlərə nisbətən yarımçıq və bəlkə yox olubdur?! Bununla belə azadlıq yolunda qan tökənlərə tamaşa elə: onların içində bircə nəfər də müsəlman yoxdur; səbəb budur ki, “əbrü badü məhü xurşidü fələk dərkarənd” ki, sən axırda bu azadlığı öz kəfi-mübarəkinə alandan sonra barı bunu yadında saxlayasan ki, martın onuncu günü, yəni bizim novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. Biz də gərək əhd edək ki, “azad Rusiya” adlanan azad vətənimizin millətləri cərgəsində biz də haman martın onuncu günü azadlıq qurbanlarını yada salıb, onlara “əssalihati baqiyat” babətindən fatihə oxuyaq və onların sağ qalanlarını bir səs ilə alqışlayıb çağıraq: Yaşasın azad vətənimizin azad millətləri! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 mart 1917, №6 * * * Aclar Dünən gördüm ki, qaçqınların balaca uşaqları acından ağlayırlar. Balam, bunlar niyə ağlayırlar? Sahibsizdirlər. Pəs bunlara baxan cəmiyyəti-xeyriyyə üzvləri haradadır? Genə eşitdim ki, bir ayrı tərəfdə genə hərbzədələr acından ağlayır. Balam, pəs necə olub ki, bunlara çörək paylayan cəmiyyəti-xeyriyyə üzvləri? Genə dünən birisi nəql eləyirdi ki, osmanlı yetimləri acından ağlayırdı, çünki cəmiyyəti-xeyriyyə üzvləri yox olub, bu biçarələri sahibsiz qoyublar. Balam, bəs, haradadır bu cavanlar? Bunlar birdən-birə necə oldular! Və səbəb nə oldu ki, hamısı birdən-birə yox oldu? Hə, a kişi bunu bayaqdan de də!.. İndi yadıma düşdü ki, bu cavanlar haradadırlar. Mən səhər də, axşam da, günorta vaxtı da, küçədə, bazarda və hər bir məclisdə ki gedirəm, görürəm ki, bir cavan nitq söyləyir və baxıb görürəm ki, bu cavan haman cəmiyyəti-xeyriyyənin üzvüdür ki, ac uşaqları ac qoyub, gəlib nitq desin. A kişi, bunu mənə bayaqdan de da.. . Cırcırama “Molla Nəsrəddin”, 23 mart 1917, №7 * * * Boğaz məsələsi Allahü əkbər, Allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstambuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!.. Allahü əkbər, sübhanallah! İndi biz nə tövr başa düşək? Ayə görək cənab Milyukov zarafat eləyir, yainki ciddi sözüdür. Əgər zarafat eləyir, – çox əbəs yerə eləyir; qəsdən də əbəs yerə eləyir. Belə zarafat bir qəpiyə dəyməz. Əgər doğru sözüdür, onda bəs bunu nə tövr başa düşək ki, bir yandan Rusiya əhalisinə yalvarır-yaxarır ki, “ay amandı, haray, dad! Ey camaat Vilhelm yapışıb boğazımızdan, istəyir bizi boğub öldürsün və təzə azadlığımızı əlimizdən alsın, yenə öz qohumu və dostu Nikolayı taxta mindirsin.. . ”. Allahü əkbər! Vallah, billah, başa düşmürəm. Ay Allahın mömin bəndələri, and verirəm sizi Nuxanın yüz min manatlıq gimnaziyasından ötrü həftədə iki ulaq yükü daşınan binövrə daşlarına, bir məni başa salın görüm, aya Vilhelm bəy ki, doğrudan da Milyukovun boğazından yapışıb istəyir boğsun, dəxi Dardanel boğazının günahı nədir ki, Milyukov da ora istəyir “şətəl” qatsın? Allahü əkbər, sübhanallah! Odur ki, atalar deyiblər: “Dəvədən yıxılıb höt-hötünü əldən qoymur”. A balam, get işinə-gücünə. Mən ölüm get özünə iş axtar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 mart 1917, №8 * * * Zənciri-müqəddəs Aprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür. Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz. Aprel qurultayının mənim üçün ikinci mənfəəti də bu oldu ki, haman qurultay[dakı] gurultulu alqışlardan mənə yəqin oldu ki, yer üzündə xoşbəxt millətlərin ən xoşbəxti bizik ki, hacı əminin “mən ölümü” ilə ağa əmi tikdiyi o yekə-yekə “Şah Abbas” binasının Əsgəran divarlarını laxlatmağa yavıq olan və bəlkə də laxladan gurultulu alqışlar bunu sübut elədilər ki, Rusiya azadlığını qazanan heç bir kəs deyil imiş, məhz Bakı qurultayının gurultulu alqışlanan üzvləri imiş. Yaşasın millət başçıları, yaşasın Bakı və Şamaxı solistləri, yaşasın kafirlər cümhuriyyəti, yaşasın “Camei-Abbas” azadlığı!.. Amma, qardaş, bilirsən mənim fikrimə nə gəlir? Bilirsən mənim yadıma nə düşür? Bilirsən qulağıma nə sədalar gəlir? Mən, doğrusu, özüm kasıb-kusublar içində dolanan bir adamam. Mən özüm kəndliyəm və mahallarda, kənd-kəsəkdə çox vaxtlar keçirmişəm. Mən özüm əsnafam və avam, nadan füqəranın qaranlıq məhlələrində anadan olmuşam və oralarda tərbiyə tapmışam. Ərzim orasındadır ki, aprel qurultayının gurultulu alqışlarını eşidəndə mənim qulağıma bir özgə səs də gəlirdi. Ağlaram ağlar kimi, Dərdim var dağlar kimi. Kimdir o ağlayan? Fatmanisə xalalar, Nurcahan xalalar, Sona bacılardı. Niyə ağlayırlar? Ondan ötrü ağlayırlar ki, ərləri çoxdan bunları boşlayıb bir ayrı övrət alıblar. Bunları da boşamaq istəmirlər. Bəs, bunun çarəsi nədir? Heç çarəsi yoxdur, məgər ölməkdən savayı; çünki müsəlman təlaqını bizim şəriətmədarların dövlətindən tək bir ölüm qurtara bilər. Müsəlman arvadı ölməsə, ərindən xilas ola bilməz. Amma əri nə vaxt istəsə, övrətin təlaqını verə bilər; yəni açığı budur ki, ixtiyar tək bircə kişidədir. Və çünki mən özüm camaat içində dolanan adamam, çünki mən knyaz, xan deyiləm, çünki mən özüm həmi kəndli və həmi də rəiyyətəm, mən kəbin altında qalan ömürləri müqəddəs zəncir altında çürüyən müsəlman övrətlərinin gözyaşlarını çox görmüşəm. Ağlaram ağlar kimi, Dərdim var dağlar kimi. Bəs, doqquz yaşında zornan ərə verdiyimiz balacalarımıza nə deyirsən? Mən səndən soruşuram, ay canilərimizi gurultulu alqışlayan qurultay üzvləri? [...] yaşında ağlar qızların göz yaşlarını çox görmüşəm; keçən vaxtlarda yox, çox uzaq yox, elə günün bu saatında görürəm. Qorx, qorx! Ehtiyat elə ki, birdən solist yoldaşlarımız kəbin altında çürüyən və doqquz yaşında ərə verilən övrətlərimizin və qızlarımızın ağlar sədasını naqafil görüb və eşidib bizi utandıra bilərlər. Bəlkə bizdən sual elədilər ki, ey müsəlman yoldaşlar, siz hələ nə istəyirsiniz? Siz hara, azadlıq hara? Siz hara, müsavat hara? Qorxuram onda xəcalət çəkək. Çox qorxuram. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 may 1917, №11 * * * Bayramlar Dünən getmişdim poçtxanaya atama pul göndərəm, Poçtun qapıları bağlı idi. Soruşdum: – Nə səbəbə? Dedilər ki bayramdır. Xaçpərəst bayramıdır. Yəni xaçpərəstlərin hansı bayramıdır? Dedilər ki, bu gün müqəddəs İvanı qətlə yetiriblər (Ay namərdlər!). Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alım; çünki səfərim var, anam tel göndərib durma gəl. Gördüm şəhər divanxanası bağlıdır. Niyə? Bu gün xaçpərəst bayramıdır? Yəni xaçpərəstlərin hansı bayramıdır? Dedilər ki, bu haman mübarək gündür ki, müqəddəs Marqosun ad qoyulan günüdür. Dəxi o günü paşburt ala bilmədim və yolumdan da qaldım. Yenə bir neçə gün bundan əqdəm divanxanalar və bazar-dükanlar bağlı idi. O gün yenə soruşdum ki, bu gün niyə dünya və aləm məəttəldir? Cavab verdilər ki, xaçpərəst bayramıdır. Soruşdum: – Xaçpərəstlərin hansı bayramıdır? Dedilər ki, bu gün də həmin gündür ki, müqəddəs Silvestrin dişi laxlayıb. Sonra yadıma saldım ki, ay dad-bidad, bir geri çön gör, bu minval ilə keçənlərdə biz başıdaşlı müsəlmanların başına nə iş gəlib! Bir yada sal gör, bu müqəddəs ivanların, mübarək silvestrlərin, göydən gələn nikolayların, andreylərin ad qoyulan günləri nə qədər biçarə müsəlman qardaşları bağlı divanxanalar qabağında, bağlı dükan qabağında aciz və avara qoyublar! Ey dadi-bidad, bir yada sal gör o günləri ki, qaradavoylar və stracniklər şallaq gücünə müsəlmanların dükanlarını bağladıblar ki, bu gün məsələn, “Vladimir bayramı”dır. – Bəs, bu gün niyə idarələr bağlıdır? – Bu gün də Qriqorinin başına soyuq dəyib. – Bəs, bu gün niyə oğlun dərsə getməyib? – Bu gün də müqəddəs Pyotr yuxu görüb. – Bəs, bu gün niyə Bakı müəllimləri tətil ediblər? – Bu gün Pavel bayramıdır. – Bu gün Aleksandr bayramıdır. – Bu gün niyə yavansız? – Bu gün dükan-bazar bağlı idi. – Niyə bağlı idi? – Bu gün Dionisi həzrətlərini suya çəkiblər. – Bu gün İoan Krestitelin boynunu vurublar. – Bu gün Ksenofont bayramıdır. Silvestr, Yevstafi, Pulxra, Afanasi, Yeremiya, flan, flan və minlərcə bu cür müqəddəslər var ki, hamısının adını yazsam, fazil Mirzə Baratın məqaləsindən uzun olar. – Bəs nə vaxtadək, qardaşım? – Dəxi indi sözün nədir, yoldaşım? Bəs nə vaxtadək belə zorba-zorluqlar davam edəcək? İndi də ki, gorba-gor düşmüş Stolıpin əsri deyil? Bəs, indi sözün nədir? Əgər bundan sonra da müsəlmanların üzünə hökumət idarələri müqəddəs Afanasi adı ilə “prazdnik” deyilib bağlanacaq – dəxi nə azadlıqbazlıqdır?! Əgər bundan sonra da müsəlman ölkələrində olan hökumət polisxanaları müqəddəs ivanların naminə bağlanacaqlar, dəxi bu hürriyyət olmadı!!! İndi sözün nədir, ay belə sənin qadanı alım? Əgər indi də belə-belə zarafatları eləyəcəksən – dəxi bu ki, oyun-oyuncaq oldu, a belə sənin başına dolanım! Mən ölüm incimədin ki? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1917, №12 * * * Müsəlmanlar silahlanır Möhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar. Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə. Mən, yəni Molla Nəsrəddin, bu əhvalatı eşidəndə bildim bu söhbətlər nahaq və əsilsizdir. Mən bilirdim ki, Qafqaz müsəlmanları xaçpərəstlərin üstünə tökülüb qırmaq fikrindən çox uzaqdılar, amma genə də istədim işin əsil və həqiqətinə yetişəm və bu xəyal ilə Tiflisdən çıxıb əvvəl Batum, sora İrəvan və sora da Gəncə ilə Bakıya tərəf səfər elədim. O şeyi ki, mən gördüm, onu burada istəyirəm yazam möhtərəm oxucularım da bilsinlər. Əvvəl budur ki, çox yerdə müsəlmanlar həqiqətdə silahlanırlar. Və ermənilərin fərmayişi həqqdır. Mən özüm şükür Allaha ki, erməni deyiləm və iqrar eləyirəm ki, doğrudan da müsəlmanlar silahlanırlar və bu barədə erməniləri heç qınamaq olmaz, kişilər həqlidirlər, doğrudan da müsəlmanlar silahlanırlar. Və digər tərəfdən də bunu da gərək nəzərə alaq ki, heç müsəlmanları da məzəmmət eləmək olmaz, çünki kişilərə silahlanmaq doğrudan vacibdir, beş vaxt namazdan da vacibdir. Vacibliyi də buradadır ki, silah özü bir lazımlı şeydir, kitabdan, qələmdən də vacibdir. Çünki düşmən qabağına silahsız çıxmaq olmaz. Düşmən də ki, dünyanı götürüb, əvvəl sən bir bunu nəzərə al ki, müsəlman qardaşın sağı və solu düşməndir, qonşusu, əqrəbası və hətta qardaşı düşməndir. Köhnə hökumətə Allah lənət eləsin, qoymurdu insan azad yaşasın, düşmənindən intiqam alsın, bircə kifayət idi ki, birisinin burnunu qanadasan ya birisinin qarnına yavaşca qəmədən, ya heç olmasa qarasaplı bıçaqdan-zaddan soxasan, o saat gəlib töküb ciblərini soyurdular, həmi var-yoxunu əlindən alırdılar, həmi də genə axırda ya boğazından asırdılar, ya da ki, dama qatırdılar. Amma indi şükür Allaha təzə hökumətin komissarlarının başı qarışıb özlərini itiriblər indi fürsət vaxtıdır, nə eləməlisən elə. Yoxsa o qədər müsəlman qardaşın düşməni var, vallah nə erməniyə növbət çatır ki, gedib öldürsün, nə xaçpərəsti öldürməyə macalı ola bilər. Düşmən onsuz da çoxdur. Müsəlman qardaşın tək bircə qeyrət üstündə hədsiz düşməni var, qeyrətdən keçəndə su üstündə yay fəsli hər bir müsəlman qardaş yeddi-səkkiz adam yaralar. Sudan keçəndə ziyanlıq üstə, ziyanlıq keçəndən sora “niyə sənin toyuğun mənim həyətimə keçdi” üstə gündə hər məhlədə bir qan axır. İrəvan mahalının “Qarğalı” kəndində bu il hirriyyət zamanı on yeddi müsəlman on yeddi müsəlman qardaşı vurub öldürüb. Gəncə quberniyasında Cavanşir mahalında bu il azadlıq veriləndən bu yana müsəlman kəndlərində iki min dörd yüz müsəlman yaralanıb, Bakı tərəfində qeyrət üstə hürriyyət günləri hədsiz qan axıb. Və sair müsəlman ölkələrində o qədər ki, dava mərəkə zühur edib, heç yer qeyri yerlərdə tarixdə yada düşən deyil. İndi bir buyur görüm biçarə müsəlman qardaş nə eləsin. İnsanın əvvəl qabaqca düşməni olmasa söz yox ki, qulağı dinc olar, amma sən bunu de ki, qeyrətli cavan düşmənsiz ki, dolana bilməz və bir də gör qeyrət necə aşır-daşır ki, bu düşmənlərin çoxusu mənim əmim və dayım oğlanlarıdır və hələ bəlkə doğma qardaşlarımdır. Bilmirəm sən nə deyəcəksən – vəhşi deyəcəksən, bitərbiyə deyəcəksən, qudurğan deyəcəksən, namərd deyəcəksən, murdar deyəcəksən. Hər nə deyirsən de – amma yola çıxanda tamaşadı: qabağını kəsib yapışaram xirtdəyindən – cibindəki beş-on şahını alaram, hələ bəlkə boğazını da kəsərəm. Nədən bakim var-adım müsəlmandır. Bəli, sözümüz orasındadır ki, erməniləri qınamaq olmaz: doğrudan da, müsəlmanlar silahlanırlar, səbəb də budur ki, əgər ermənilərin dayı oğlu əmi oğullarından və qonum-qonşularından o qədər düşmənləri olsa idi, nə qədər müsəlmanların vardır – o vədə ermənilər də münəzzəm qoşun sahibi olmaq fikrini tullayıb şeytanbazarların qaranlıq künclərində qorədə, pişto-mişto almağa məşğul olardılar ki, çöllərə düşüb kol dalından qonum qonşularından xəlvətcə intiqam alsınlar. Mən ki, erməni qardaşları qınamıram, Allah şahiddir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 iyun 1917, №13 * * * Arvadbazlıq Axır vaxtlarda “Molla Nəsrəddin” idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz. Məsələ budur: Şikayətçilər yazırlar: inqilab üz verdi, – dinmədik, din azadlığı elan olundu, – dinmədik, bir para yerdə axundlarımızın üzünə sərin baxıldı, – dinmədik. Amma hər şeyin bir qaydası var; yoxsa, iş ki, qaydadan çıxdı, insan ki, öz təklifini anlamadı, qəbahət ki, həddən aşdı, – dəxi, doğrusu, səbir eləmək çətindir. Məsələ arvad məsələsidir. Şəhərlərin birindən şikayətçilər belə yazırlar: Bir həftədir ki, bizim mahala Tiflisdən hökumət tərəfindən bir vəkil göndəriblər ki, rusca adına “upolnomoçenni” deyirlər. Özü də bir cavan, buğuburma müsəlmandır. Özünə görə rusca yaxşı dərsi də var; biz ilə də yarı rusca, yarı müsəlmanca danışır. Çox əcəb, bunlar ötüşən şeydir. Amma çətin məsələ haman məsələdir ki, ərz eləyirəm: Vəkil ağa xəbər verdi ki, camaatın ağsaqqalları bir yerə cəm olsunlar. Bəli, cəm olduq. Vəkil ağanın bizə əvvəlinci sözü bu oldu ki, bu gün komitet seçiləcək, gərək cəmi arvadlar da buraya cəm ola; necə ki, kişilər cəm olublar. Biz vəkil ağaya belə cavab verdik, dedik ki, “cənab vəkil (adı flan bəydir), bəli, cənab, vəkil, bizə üç gün möhlət ver. Soruşdu: – Niyə üç gün? Dedik: – Üç gündə ancaq başa gələr. Soruşdu: – Nə başa gələr? Biz mətləbi açdıq. Biz cənab vəkilə ərz etdik ki, şükür Allaha, biz müsəlmanıq və razı ola bilmərik ki, övrətlərimiz buraya cəm olsunlar. Bizim qeyrətimiz bunu qəbul edə bilməz. Amma bir surətdə ki, onlara da ixtiyar verilib seçgiyə dursunlar və səs versinlər, onda biz qabaqca gərək övrətlərimizə talaq verək. Bu da üç günə ancaq başa gələ bilər; çünki prixod mollamız bircə nəfərdir. Ancaq macal edə bilər. Sözün müxtəsəri budur ki, bu məsələdən biz özümüz də heç baş aça bilmirik. Şikayətçilər bu məsələyə bir yaxşı ad qoyurlar, onlar deyirlər ki, bu “arvadbazlıqdır”. Mən özüm iqrar edirəm ki, arvad olmayan yer – xaraba, arvad səsi gəlməyən yer biyabandır; amma insafən bu özü elə “arvadbazlıq”dır. Yoxsa nə dəxli var: sən inqilab eləyirsən, – elə, komitet seçirsən, – seç; kim sənə deyir seçmə? Dum seçirsən, – seç və əgər düz adamsan, arvadlarnan nə işin var? Vallah, bu özü elə “arvadbazlıq”dır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyun 1917, №14 * * * Qorxmayanlar Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub. Müsəlmanların mənafeyi yolunda odlu məqalələr yazıb, hökumət tərəfindən töhmət altına düşən – yenə müsəlman intelligentləri olub və bundan əlavə millət tərəfindən hər qism mübarizə meydanında cəsarət ilə çalışan və müsəlmana tərəf atılan oxları rədd edən – yenə müsəlman intelligenti olub. Amma müsəlman intelligentini qorxudan – bircə şeydir: ruhani əmmaməsi! Elə bir yanda ki, bir molla gördü, ikiqat olacaq; guya ki, bu haman intelligent deyil idi ki, nər-nər nərildəyib, dağlara, daşlara bab gəlirdi. Elə bir yanda ki, bir molla gördü, – qurtardı getdi! Dəxi müsəlman intelligenti-quldur. Məslək də getdi işinə, millət də getdi işinə, dəxi hər bir şey qurtardı getdi; məhz qaldı təzvir, yalançıqdan ibadət və avam camaatı aldatma. Burada bir mətləb var. Mən intelligentlərin hamısını demirəm; bunların içindən cavanları çıxmaq lazımdır. Mən bir az qocalmış intelligentləri deyirəm, – belə məsələn, qırx beş-əlli yaşına çatmışları götürürəm. Müsəlman intelligenti ki, əlli yaşına çatdı, – dəxi onu heç vəch ilə molladan ayırmaq olmaz. Özü əslən dinsiz olsa da, molla görəndə oruc tutacaq və şaxsey dəstəsinə yapışıb, sinə vuracaq və mərsiyəxan məclisində yalandan göz yaşı tökəcək; çünki molladan qorxur. Molladan qorxmağın mənası çox vazehdir. Molla adamın dəstə başçısıdır, başının sahibidir; yəni noxtasını tutandır. Mollanı incitmək avam camaatı incitməkdir. Bu da mənim üçün ölümdən bədtərdir; çünki xudanəkərdə avam camaat məndən inciyə, məni binamaz hesab eləyə və mənə lazımi hörmət göstərməyə, – onda dəxi nəyə lazımdır oxuduğum elm, nəyə lazımdır dünyada yaşamaq? Molla ki, məndən inciyəcək, qara camaat ki, mənim əqidəmdən şəklənəcək, – dəxi nəyə lazımdır o təhsil ki, mən darülfünunda eləmişəm. Yaşasın avam camaatın mollaları! Yaşasın mollanın dəstəsi qara rəiyyət! Nə qədər canım sağdır, onlar ilə bahəm varam! Rusca imza: Qoca intelligent Ruscadan mütərcimi: Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 iyul 1917, №15 * * * Rus məxrəci Biz müsəlmanlar, əlbəttə və əlbəttə gərək, bir məxrəcə tabe olaq. Bu bizim alnımıza yazılıb, bunsuz biz müsəlmanlar nəfəs çəkə bilmənik; necə ki, balıq və heyvan havasız nəfəs çəkə bilməz. Bu da bir qismətdir ki, gözə görünməyən və dünya və aləmi yox yerdən xəlq edən Allah-taala həzrətləri biz xoşbəxt millətə təyin edibdir. – Vələzzalin.. . – Yox, olmadı. – Vələzzalin.. . – Yenə olmadı, məxrəci düz olmadı. – Vələzzalin. – Yox belə deyil. – Vələzzalin. – Gədə, düz oxu, dilini ikiqat bük, ucunu dirə qabaq dişlərinə, dodaqlarını yumrula, yumurta məxrəcinə oxşasın; “zat”ı bir az nazik çıxart, ancaq iki dişin arasından keçsin, dəxi o biri dişlərinə dəyməsin. – Vələzzalin. – Hə, belə ha!.. . Xudavəndi-aləmdən qabaqca hökm olmuşdu ki, xoşbəxt müsəlmanların mübarək beyni bir övqat ərəb məxrəcinin altında əzilsin və necədə ki, lazım idi əzildi. Bir müddət təhsili-elm və fənn, dünya mədəniyyəti və həqiqi işıqlanmağımız məhz “vələzzalin”in məxrəcindən ibarət idi. İndi də pərvərdigari-aləmin hökmü budur ki, biz müsəlmanlar bir qədər də rus məxrəci ilə özümüzü bəxtəvərləndirək. Bunu hamı görür ki, bu saat Qafqaz müsəlmanlarını idarə edən şəxslərin heç birisi müsəlmanca yazıb-oxumaq bacarmır; nəinki bacarmır, bəlkə hələ fəxr eləyir ki, bacarmır. İndi bu saat Qafqazda bəzi şəhərləri çıxandan sonra çox yerdə milli komitetlərimizdə hər nə danışıq olur – hamısı rus dilindədir. İndi bu saat müsəlman içində o qədər ki, rus məxrəcinin hörməti var, İranda təzə rus təbəəsinin o qədər hörməti yoxdur. Qafqazın mərkəzi hesab olunan ən baş məclislərimizdə, dünyavü aləm bir-birinə dəyə, müsəlmanca danışılmaz. Elə məclislərdə olmuşam ki, bir tərəfdə əyləşib müfti və şeyxül-islam, bir tərəfdə əyləşiblər müsəlman qardaşlar. Həmin müsəlman məclisində ki, tək bir nəfər də türk dili bilməyən yoxdur, həmin ana məclisimizdə elə qəliz məxrəclə rusca danışıq olur ki, məclisin əvvəlindən axırına kimi şeyxül-islam cənabları bilmir ki, nə danışıldı. Çünki rusca danışılır. Məclislərin əvvəlindən axırınadək danışıqlar rus dilində əmələ gəlir. Hər bir cavan müsəlman qardaş ki, rus məxrəcində yədi var, özünü verir haman məclisə və danışmağa bir mətləbi də olmasa, milçək uçmağını bəhanə eləyib durur ayağa və əllərini yuxarı qalxızıb qızıla oxşar düymələrini görsədə-görsədə, boğazındakı nişastalı yaxasını düzəldə-düzəldə, ənnik-kirşanla bəzənmiş göz-qaşını məclisdə əyləşən müsəlman qızlarına görsədə-görsədə elə bir yumuşaq məxrəclə rusca danışır ki, guya bu saat sud məclisində dava vəkili kimi prokurora cavab verir. Bunlar hamısı müsəlman cavanlarıdır. Mən elə qanıram ki, bizim işimiz qurtarıb gedibdir. Elə rus misyonerləri buna çalışırdılar; o qədər ki, levitsiklər, radlovlar və ostroumovlar və bunlardan savayı Miropyev və qeyriləri kimi nə qədər müntəzəm dəstələr nə müddətlərlə çalışırdılar ki, bizləri ruslaşdırıb dilimizdən və vətənimizdən bizi bilmərrə ayıralar. Məlum olur ki, bu yolda məsrəf olunan rus milyonları səmərəsiz xərclənmədi. Bundan gözəl nəticə olmaz ki, indi biz görürük. Bəs, bundan sonra nə eləməli? Hələ indiyə kimi olan olub keçən keçib. Bəs, bundan sonra? İndi biz görürük ki, camaatımız içində hörmət sahibi rusca danışanlardır. Biz görürük ki, millət içində ixtiyar sahibi müsəlmanca savadsız müsəlman qardaşlardır. İndi biz görürük ki, bir məclisdə gurultulu alqışları qazanan rus məxrəcini layiqincə tələffüz edən müsəlman tələbələridir. Bəs, bundan sonra millətin təklifi nədir? Yenə haman ruslaşmaq yolu ilə getmək, ya qeyri bir yol seçmək? Qabaqkı yol, yəni haman indiki rusi məktəblərinin və rus təhsilinin yolunu getsək, ruslaşıb xoşbəxt olacağıq və əgər o yolu qoyub milli yol ilə getsək, hörmətimiz o qədər olmayacaq. Nə eləməli? Doğrusu, mən oğlumu bisavad və lakin rus məxrəcinin tərəfinə göndərəcəyəm. Doğrusu, oğlumu xoşbəxt istəyirəm. Yoxsa ruslaşmaq, müsəlmanlaşmaq mənim qulağıma girməz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 iyul 1917, №16 * * * Millətlər Axır vaxtlarda Qafqazda və Rusiyada qəzetlərdə bir məsələ danışılmaqdadır. Aya səbəb nədir ki, Finlandiya və Ukrayna müstəqil idarə sahibi olmaq yolunda çalışanda Qafqaz millətlərindən bu barədə bir səs çıxmadı; bir surətdə ki, Qafqaz millətlərinin içində elə bir millət də tapıla bilərdi ki, onun istiqlaliyyətə hazırlığı Ukraynadan artıq olsun; məsələn, Gürcüstan. Aya bunun səbəbi nədir? Çoxları buna belə məna verirlər ki, doğrudur, Qafqaz millətlərinin də azad olmaq yolunda çalışmağa haqqları ola bilərdi, amma onları bircə şey saxlayır; o da məhz insaniyyət və ədəblilik. Açığı budur ki, guya Rusiya hökumətinin başının qarışıqlığı vaxtında Qafqaz millətləri istəmədilər hökumətə dəxi də artıq dərd-sər versinlər. Guya Qafqaz millətləri istədilər cavan-mərdlik büruzə versinlər; çünki Qafqaz millətlərinə yəqindir ki, hökumət də axır qanacaqsız deyil, əlbəttə, inşaalah başı açılandan sonra ola bilməz ki, Qafqaz yoldaşlarını yada salmasın. Bəli, ağalar belə buyururlar və Qafqaz millətlərinin sükutunu belə təbir eləyirlər; belə yozurlar. Bəs, heç soruşan yoxdur ki, axır Molla əmi nə deyir; bu qoca Mola əminin rəyi nədir və ağlı nə kəsir? Vallah, billah, insaniyyət, ədəblilik və insaf burada bir səmər verməz və Qafqaz millətlərinin indiyədək dayanmaqlarının səbəbi nə onların insaniyyətliyidir, qeyri bir şeydir. Bunların məəttəlçiliyinə səbəb, məhz bu üç qonşunun bir-birindən ehtiyatıdır: mən görürəm ki, mən qabağa hücum edib, özümə güc ilə bir pay alıb qaçanda, qonşularım hərəsi bir yandan yapışacaq xirtdəyimdən və tikəmi boğazımdan saldıracaq. Budur səbəbi, əzizim! Yoxsa vallah, billah insaniyyətin-zadın burada dəxli yoxdur.. . Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 sentyabr 1917, №17 * * * Ehsan Axır vaxtlar qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar). Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?). Yox, doğrusu, bunlar hamısı heç bir söz deyil və heç bu sözləri yazmağın da faydası yoxdur; onun üçün ki, min ildir ki, hey yazılır, yazılır, amma bir səmər bağışlamır. Bu işlərin qabağını alan tək bircə şeydir ki, ona kitablarda deyirlər: təəssüb və danışıqda deyirlər: “qeyrət”. Qeyrət və məhz qeyrət; yoxsa qeyrət ki, olmadı-işlər düzəlməyəcək. Nə səbəbə bir azca erməni tayfasının qaçqınları toxdurlar və rahatdırlar? O səbəbə ki, ermənilər qaçqınlara pul məsrəf edirlər. Amma müsəlman qaçqınlarına sərf olunan pul o qədər çoxdur ki, hər qaçqına ayda düşür bir manat 65 qəpik (“Açıq söz”, №574). Bu bir manat 65 qəpik pulu da yoxsa, elə bilirsiniz ki, millət öz cibindən çıxardır? Xeyr, çox payı özgə puludur. Bir azca hissəsi müsəlman puludur! Bunun da əsil səbəbi budur ki, müsəlman millətinin kərəm sahibləri qaçqınlara ehsan etdikləri pulu ciblərindən çıxardanda elə hesab ediblər ki, canlarını çıxardırlar. Əgər yalan deyirəm, buyuruz görək, bəs, necə olubdur Bakı milyardları? (milyonları yox, milyardları?). Ehsan, ehsan. Qardaş, bu işləri çox da asan bilməz; zira ki, mən müsəlmanam, mən bihudə ehsan eləmənəm. Mən o vədə fitrə verərəm ki, boynumun dalında şəriət hökmü kimi bir hökm ola (hələ çox desən, heç bu hökmə də baxmanam). Mən ehsanı o vədə elərəm ki, mənə yəqin və yenə də yəqin ola ki, bunun əvəzində mənə axirətdə yaxşı bir şey verəcəklər ki, adını yazmıram. Yoxsa müftəcə ehsan eləməkdən ötrü ya gərək insan dəli ola, ya da ki, qeyrət sahibi ola. Yoxsa Bakıda hərdən bir hacının məzəmməti ilə milyonçulardan zorla cəm olan beş-on şahı ilə bir və bəlkə iki məmləkətin aclarının və çılpaqlarının qarnını doydurmaq və paltarlamaq mümkün olan şey deyil. Bu, bu tərəfi. Bir də qaldı o biri tərəfi. Türkiyənin min-minlərcə qaçqınlarına neçə adam baş çəkir? Yəni ağlın nə kəsir, neçə adam? İki cüt bir tək. Onların da biri padşahdı; qalanların da biri vəkil, biri də vəzir, bir-iki nəfər də fərraş var. Və çünki bu qurğunun özü də qurulub Nikolay rəhmətliyin əsrində, odur ki, bu heyət özü elə Nikolay heyətinə çox oxşayır. Məsələn, xətadır ki, ağaların birinə deyəsən ki, ay başına dolanım, axır flan yerdə aclar əldən getdilər, niyə razı olursunuz Bakı milyonçuları [.. . ]. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 oktyabr 1917, №18 * * * Bambılılar Bir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər. Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar. Kimdir belə-belə “dəllal Fatmanisə” sözlərini ortalığa salan? Kimdir bu yalanları nəşr edən? Haradadır bu böhtan karxanası? Bu suala cavab verməkdən qabaq gərək qayıdaq keçən günlərə: Bəli, Yevropa davası düşdü. Almanlar gəldilər, ruslar[.. . ]. Bunu da oxuculara ərz edim ki, haman vaxtlar Rusiyanın ən məşhur qəzeti “Russkoye slovo”nun bir mühərriri var idi ki, adı da Mixaylovski idi. Ruslar əvvəlinci qalanı almanlara təslim edəndə cənab mühərrir yazmışdı ki, heç eybi yoxdur, almanlar bizim qalanı alarlar, biz də acıqnan gedib Dardaneli alarıq. Bir neçə vaxt keçəndən sonra – necə ki, məlumdur, – ruslar ikinci qalanı almanlara təslim elədilər. Onda yenə Mixaylovski yazmışdı ki, heç eybi yoxdur, onlar bizim qalanı alarlar, biz də gedərik İstambulu alarıq və Aya-Sofiya məscidinin ayını yendirərik, yerinə xaç qondararıq və axırda ruslar Brest-Litovsk qalasını qoyub qaçanda,-necə ki, məlumdur-Rusiyanın xarici vəziri və duma üzvü Həzrət Milyukov bir yuxu görmüşdü ki, guya bunun binə babası qədim rus knyazı Oleq vaqeədə gəlib Milyukovun yanına və deyir: ey mənim çeşmimin nuru, sən bilsən ki, min il bundan qabaq mən qalxanımı aparıb vurdum yunanların İstambulunun qala qapısına, bundan ki, asan iş yoxdur! Dəxi niyə durub baxırsan? Dəxi nəyin məəttəlisən? Dəxi niyə gözlərini bərəldirsən? Götür qalxanı, “ya Allah” de, çağır mixaylovskiləri və buna oxşar rus vətənpərəstləri, götür Qafqaz millətlərindən erməniləri, müsəlman nücəbalarının bir para ruspərəslərini, çağır özünə köməkçi İran xanlarının bir paralarını, götür yanınca şiə şəriətmədarlarının bir neçə qeyrətdən uzaq olanlarını-bunlardan bir dəstə tut, qalxanı ver Gəncə tərəfində bir zorba qolu qüvvətli ağanın dalına ki, adı yadımdan çıxıbdır, düz get İstambula və sən də mənim təki qalxanı qalxız nəsb elə İstambulun qapısına. Bəs, möhtərəm oxuculara məlum olsun ki, Osmanlıdan ayda bir gələn xəbərlər, haman yuxarıda ərz olunan vaqeənin “tətimmə”sidir. Çünki biçarə Milyukov bir tərəfdən görür ki, almanlar yumruqlarını dikəldib [.. . ] eşidib dostlarına deyir: “be Piter rəvəd, be Dardanel rəvəm”. Bu yuxunu da eşidən elə bilər ki, İstambulda doğrudan Ənvər paşalar ölüblər ki, bu bambılıları ora qoysunlar. Anan ölsün, ay Ənvər!.. . Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 oktyabr 1917, №19 * * * Azadiyi-vicdan Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır. Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. Allahı tanımaq və ona sitayiş eləmək, həmçinin mənim gizli hissimdir; yəni mənim vicdanım nə cür ki, mənə yol göstərir, ona görə də mən Allaha ibadət eləyirəm, dəxi bu barədə mənə həmçinin güc və hökm yoxdur və ola da bilməz. Bu, azadiyi-vicdanın bir mənası. İkinci mənası da budur ki, biz gördük 1336-cı məhərrəmin imam təziyəsində. Nə gördük? Gördük ki, dünya və aləm bir-birinə dəyib, küçə və bazar məmlüv, dəstələrin nərəsindən qulaq tutulur, dağlar az qalır lərzəyə gəlsin, mübarək qanlarına qəltan ağköynəklərin “va milləta!” fəryadı, qiyam-qiyamət, tufani-Nuh, arvad-uşaqların, lotu cibgirlərin və müsəlman çinovniklərinin sinə vurmaqları qarışıb bir-birinə!.. Dəxi nə ərz eləyim, cəmi əğyar millətlər cəm olublar tamaşaya. Baxırlar, baxırlar, baxırlar və öz könüllərində kim nə bilsin nələr söyləyirlər? Xülasə, bu heyndə nədir mənim yadıma düşən? Mənim yadıma düşən budur ki, ey dad-bidad bu dəstgahın içində deyəsən müsəlman intelligenti, yəni müsəlman oxumuşları görsənmir. Pəhə! Belə də iş ola bilərmi? Pəhə, mən özüm öldürrəm! A gədə, durma, bir dəstə adam göndər və bunların əlinə oxumuşların siyahisini ver, getsinlər onları evlərindən çəkə-çəkə gətirsinlər ağköynək məclisinə. Demək ki, azadiyi-vicdanın ikinci mənası budur ki, mən görəndə ki, bir müsəlman intelligenti şaxsey dəstəsinə yapışmır, mənim vicdanım mənə deyir ki, o biçarə yolu azıbdır, bir əlidəyənəkli göndər, onu zor ilə gətirsin. Odur ki, bu il hürriyyətin sayəsində o cəlal ki, bizim şaxsey dəstgahında var idi, köhnə zamanlarda yox idi. Yaşasın hürriyyət, yaşasın azadiyi-vicdan! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 oktyabr 1917, №20 * * * Avampəsənd nitqlər Əgər durasan hər nə ki qəlbində var, onu açıq-açığına söyləyəsən, onda avam ülkəcək, ülkəndə də səndən qaçacaq. Amma avamı da indiki zamanda qaçırtmaq olmaz, çünki indi seçki zəmanəsidir, sənə səs verən olmaz, səni seçən olmaz. Bu səbəbdəndir ki, mən avam içində nitq söyləyəndə bir şeyi nəzərdə tuturam: bunu nəzərdə tuturam ki, avam ülkməsin. Məsələn, bir kəndli məndən soruşur ki, “müsavat” nədir? Mən dedim ki, “müsavat” bərabərçilikdir. Kəndli məndən soruşdu ki, nəyin bərabərçiliyi? Mən, doğrusu, mat qaldım. O səbəbə mat qaldım, bilmədim, kəndliyə nə cavab verim. Əgər desəm ki, “müsavat” budur ki, bacı ilə qardaşın gərək hər bir məsələdə ixtiyarları bərabər ola, onda kəndli məni yoldan və şəriətdən çıxan hesab edər; elə bilər ki, mən istəyirəm rus sosialistləri bacı ilə qardaşın irs ixtiyarlarını bərabərləşdirməyinə şərik olam və bu təzə “müsavatı” müsəlman içinə də daxil edəm. Amma, doğrusu qorxdum, belə demədim; dedim “müsavat” odur ki, Lənkəranda bir mötəbər alicənab dustaqlara vədə elədiyi qurban qoçunun ətini dustaqlara müsavat üsulu ilə gərək paylaya idilər, amma qurban bayramı günü dustaqxanaya qoç əvəzinə tək səbir gəldi. Doğrusu, bu hürriyyət çıxandan buyana mənim ağlım lapca çaşıb. Dünən yenə yüz otuz doqquzuncu müsəlman qurultayında nitq söyləyirdim. Öz-özümə fikir elədim ki, ey dili-qafil, gəl heç olmasa, indi ki “svabod” zəmanəsidir, bari gəl heç olmasa, müsəlman qardaşlara ürəyinin dərdini açıq-açığına söylə. Bəs nə vaxt həqiqət üzə çıxacaq? İndi də bunu deməyəcəksən bəs nə vaxt deyəcək [sən]? Aç ağzını, yum gözünü, pənah bir Allaha de və başla nitqini və de, de, de.. . Degilən, ey müsəlman qardaşlar! Sizmi istəyirsiniz polyaklar, firənglər, ukrayna [lı] lar və erməni, gürcülər yerişi yeriyəsiniz? Amma bunu biliniz, biliniz və yenə biliniz ki, siz dörd arvad alansınız və qızları doqquz yaşında ərə verənsiniz və arvadlara aşpazxanalar küncündə qonaqların qabağından çıxan sümükləri gəmirtdədənsiniz, siz qız məktəblərində telefonları qədəğən edənsiniz.. . Elə bunu istəyirdim deyəm ki, incəvara, Allah rast saldı özümü saxlaşdırdım, başladım yenə avampəsənd sözləri ki, məsələn, müsəlman qardaşlar, mən çox şad oluram ki, siz bugünkü gündə buraya cəm olmusunuz və gərək də olasınız; çünki indiki vaxt qeyri millətlər də bir yerə cəm olurlar, biz də gərək olaq və saniyən əgər əhvalati-in canibra xastə başəd lilləhülhəmd səhih və salim, duaguyi-ömri-ziqiyməti-şüma həstim və inşallah, bu gün yox, sabah inşallah yenə həmin vaxt burada yenə yüz otuz doqquzuncu qurultayda buraya cəm olarsınız, danışarıq. Budur mənim nitqim. Yoxsa əgər duram irs müsavatından, çox arvad almaqdan ya balaca qızları ərə verməkdən danışam, onda mənim bu nitqim heç “Mola Nəsrəddin”in Xoy şəhrindəki naxonəkçilərinə xoş gəlməz. Odur ki, avampəsənd nitqlər söyləyirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 noyabr 1917, №22 * * * Qondarma bəylər Bir balaca müqəddəmə Qa-aqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz. Götürək, məsələn, bəyliyi. Axır bir var əsil bəy, yəni birisinin atası, babası bəy imişlər, – söz yox, bu da bəy olacaq. İndi bəylik özü yaxşımı, yamanmı, o bir özgə məsələdir; ancaq dəxi bu kişinin bəyliyinə ki, sözün nədir? Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki, mənə bir yandan bəylik çatıb. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir; mən də dinməz-söyləməz adımın axırına götürürəm bir bəy qondarıram. Dəxi kimə nə borcdur? Bunun nə bir xərci var, nə ştrafı var. Bəyəm ki, bəyəm! Bəli, indi keçək əsil mətləbdən danışaq. Mən, doğrusu, yəni əslində əl aparsan, a kişi, bəy-zad deyiləm. Vallah, billah, atam şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-eləyə axırda bir yalançı bəylik qazana idi. Amma mən elə ki, ərsəyə gəldim və rus şkolasında da azdan-çoxdan dərs oxudum, – baxıb gördüm ki, balam, indiki bizim əsrimizdə bəylik özü gör nə dərəcədə hörmətli bir rütbədir ki, hər bir kəs (istəyir bəy oldu, bəy olmadı) elə onu axtarır ki, ona bəy desinlər. Hətta yazıçılarımız da ki, (heç ataları bəyliyin qoxusunu da eşitməyibdir) – bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir “bəy” ləfzi də yapışdırdı. Xülasə, artıq baş ağrısı olmasın, mən özüm də həqiqətdə bəy olmaya-olmaya özümü bəy adlandırırdım və işim pis də getmirdi. Xalqın qulağı elə qızmışdı ki, dəxi ağına-bozuna baxan yox idi. Amma axırda bir az çətinə düşdüm. Elə ki, bu hürriyyət söhbəti başlandı, mən doğrusu, bir az fikrə getdim; axır mən ki, özümü camaat içində bəy adlandırıram, ya gərək axıra kimi bəylikdə qallam və dəxi “sosial-demokratlıqdan” – zaddan əl çəkəm; bu da olan iş deyil, çünki nə tövr ola bilər ki, mən məsləkimi satım bir qondarma bəyliyə? Onda mənim təzə cavanlar içində dəxi hörmətim olmaz. Elə bu xəyalat ilə bir tövr keçinirdim, axırda da gördüm ki, a gədə, hələ adımı da məclisimüəssisan seçkisində çəkirlər. Gedib siyahilərə baxıb gördüm ki, yazıblar: “Sosial-demokrat Molla Nəsrəddin bəy”. A gədə, biabır oldum! Amandır o “bəy” ləfzini pozun ki, millətlər arasında lap biabır olarıq; yoxsa qeyri tayfaların içində söhbət düşəndə onsuz da, gülə-gülə deyirlər ki, “müsəlman milləti hamısı bəydi; heç onların içində bir şəxs yoxdu ki, bəy olmasın”. İndi baxıb görsünlər ki, hələ nəinki yazıçılarımız və millətçilərimiz yalandan özlərini bəy adlandırmaq ilə fəxr eləyirlər, hələ bəlkə bəyləri bəyənməyən və kəndliləri bəylərin üstünə küşkürən sosial-demokratlar da özlərini yalandan, ya doğrudan bəy adlandırıb, hələ xoruzlanırlar da. Ay biçarələr! acıqnan mən də “Molla Nəsrəddin bəy” “Molla Nəsrəddin”, 20 noyabr 1917, №23 * * * Şahsevənlər İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki, yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb. Götürək məsələn, indiki şahsevənlər söhbətini. Aya bu söhbət indi görək zarafatdır, ya qeyri zarafat? Məsələn, bu saat şahsevənlər İran sərhədini keçib bu taya, Muğan tərəfindən başlamış yalan-gerçək deyirlər ki, gəliblər Hacıqəbul dəmir yolunu kəsib, istəyirlər dəmiryol körpülərini dağıdalar. Guya şahsevənlərin bu iqdamatı rus qoşunları İranda göstərdikləri qanunsuzluqlara cavabdır. Guya belə də deyirlər ki, şahsevən qəhrəmanları tərəfindən rus qoşunları sərkərdələrinə işarə olunub ki, əgər bundan sonra da ruslar müsəlman haqqında zülm-flan eləsələr, o vədə flan və flan. Şahsevənlər barəsində bu sözləri danışanlar biçarə ruslar, ermənilər və gürcülərdir. Və bizim bəxtimiz orada kəsib ki, bu şayiələrə və bu rəvayətlərə qail olan ruslar, ermənilər və gürcülər şahsevənləri tanımırlar. Və bizim bəxtimiz elə orada kəsib ki, tanımırlar. Və bizim başımızın ucalığı elə oradadır ki, ruslar, ermənilər şahsevənləri tanımırlar və bizim xoşbəxtliyimiz və başımızın ucalığı oradadır ki, ruslar şahsevənləri tanımırlar. Yazıq, biçarə, sadəlövh ruslar elə başa düşüblər ki, şahsevənlər həqiqətdə elə bir qeyrətli tayfadır ki, Urmu və Xoy şəhərində baş verən müsibətləri eşidib baş qalxızıblar ki, belə-belə insafsızlığın və Allahsızlığın qabağını alsınlar. Biçarə ruslar elə qanıblar ki, bizim İranda millətin bir parçasının başı ağrısa, o biri parçası bunun müalicəsinin qeydinə qalar. Yazıq ruslar elə bilir ki, şahsevənlər qeyrətli bir insanlardır ki, doğma qardaşlarının dadına yetişmək göstərirlər. Amma biçarə ruslar bunu heç demirlər ki, “şahsevən, şahsevən” dedikdə bir quldur tayfasıdır: peşələri öz doğma qardaşlarının başlarını kəsib, öz doğma qardaşlarının malını oğurlamaq və öz doğma qardaşlarının evini yıxmaqdır. Fəqir və sadədil ruslar bunu bilmirlər ki, İran ibarətdir iki hissədən: bir hissəsi zalım və o biri hissəsi məzlum və fəqir rəiyyətdir. Ya zalım şah, vəliəhd, vüzəra və xanlar, şahsevənlər və quldurlardır; ya da ki, dilənçilikdə gün keçirən rəiyyət, fəhlə və kənkandır. Ya şahsevəndir, ya fəhlə. Ya şahdır, ya rəiyyət. Ya hakimdir, ya dilsiz və ağızsız camaat. Yoxsa İrana yaraşan iş deyil ki, oradan şahsevən nüfuzlu bir qəhrəman xüruc edib politika işinə qarışsın. Belə bidətlər İranın alnına yazılmayıb. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 dekabr 1917, №25 * * * Millət “Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm. O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur. Və məhz bu səbəbdəndir ki, bizlərdə millət qurquları şəxsi qurqular şəklində zühura gəlir, Milli işlərimiz əvəzinə şəxsi dəstgahlar peyda olur. Bu söhbətin bir müxtəsər tarixi var. Qədim əsrlərdə də belə imiş; yəni millət ibarət imiş bir şəxsdən, ya da bir neçə şəxsdən. Millət yox hesabında imiş. Ta ki, ortancı əsrlərin əvvəlində məşhur filosof Demokrit birinci dəfə olaraq söylədi: “millət”, “millət” və bəyan etdi ki, hər məmləkətin tək bircə sahibi var ki, onun adı millətdir. Bir qədər vaxt bu söhbət yenə fəramuş oldu. Ta ki, miladi tarixinin min yeddi yüz doxsan üçüncü ilində yer üzünün ən nəcib millətlərindən hesab olunan Frəngistan camaatı yenə bir səs ilə dedi: “millət, millət!”. Və bundan sonra Frəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi və onların cümləsində biz də bir yüngülvarı hərəkətə gəldik. Və lakin bircə fərqi buradadır ki, biz dəxi istəmədik qeyrilərə təqlid edək, biz özümüz üçün məxsusi bir azadlıq fabrikası bina etdik ki, bu fabrikadan çıxan mal frəng və Avropa azadixahlığına oxşamasın, necə ki, məsəl üçün, şüşə karxanası ya ki, əba fabrikası. Bəs çünki Qərb mətaı ilə Şərq mətaı mabeynində həmişə bir fərq var, həmçinin Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın binövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik. Onunçün bu onbeş ilin müddətində hər vaxt ki, özümüz üçün bir azadlıq binagüzarlığı istəmişik eləyək, – özümüzə öz içimizdən bir şəxsi sultan qərar vermişik və o sultandan izn hasil olmamış dinməyə və danışmağa ixtiyarımız olmayıb və bunun adını qoymuşuq azadlıq! O ki qaldı, millət, – o da kənardan qalıb baxa-baxa; çünki kənardan baxmağa min-min illərlə adət edib. Mən heç demirəm bu fabriklərin hansı yaxşıdır, hansı pisdir; hər kəsin meyli hansını çəkər, – onu qəbul elər. Buyur ağa, mərhəmətin artıq. Əgər meylin çəkir, bunu götür, meylin çəkmir o birini götür; elə ikisi də fabrik malıdır. Ancaq bunu bil və eşit ki, məmləkət və camaat cəmi əfraddan ibarətdir, yoxsa o cızvızçı və dükançı, başmaqçı və kömürçü, o lüt bambılı qardaşları nəzərdən salıb, böyük əşxası özüvə büt qərar versən, sənin azadlıq fabrikanın mətaı qeyri millətlər içində o qədər rəvac tapmaz və axırda fabrikanı bağlamağa məcbur olub, məəttəl qalarsan. Onda dəxi məndən küsmə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1 * * * Təzvir ustadları – Ağa, mərhəmətiniz artıq. – Ağa, lütfünüz artıq. Küçədə divar dibində bir övrət oturub acından ağlayır. – Ağa, mərhəmətiniz artıq. – Ağa, lütfünüz artıq. – Ay qardaşlar, mən şikəstəm, iki gözüm də kordur. Mənə bir çörək pulu. – Ay əssalamün əleyküm, hacı ağa. – Əleykəs səlam, mərhəmətiniz artıq. Amma şikəst övrətə bir şey verilmədi. Kənarda yenə bir uşaq acından ağlayır. – Bah, ağayi-mən, səlamün əleyküm. – Mərhəmətiniz artıq. – Lütfünüz artıq. Amma uşağa pul verən olmadı. Divar dibində bir övrət, yanında uşağı, ikisi də soyuqdan titrəyirlər və ağlayırlar. – Xan, mərhəmətiniz artıq. – Ağa, lütfünüz artıq. Övrət və uşaq qaldılar ağlaya-ağlaya. Şəhərin bu tərəfindən o tərəfinə gedənə kimi küçələrdə minləcə ağlayan övrət-uşaq və şikəst dilənçi düzülüb və küçələrdən keçən ağalardan biri o birinə deyir: “mərhəmətiniz artıq”; o da bedə deyir: “lütfünüz artıq”. Sübhdən şamadək çarsularda və məclislərdə o deyir: “mərhəmətiniz artıq”, bu, deyir: “lütfünüz artıq”. Amma həmin mərhəmət mədənində və lütf zavodunda evlərdə gecələr sübhədək soyuqdan və acından ağlayan uşaq, şikəst kişi və sahibsiz övrət o qədərdir ki, cəmi yer üzünün tayfalarını buraya tamaşaya yığsaq, mat və heyran qalarlar. – Ağa, mərhəmətiniz artıq. – Ağa, lütfünüz artıq. Yüz adamın biri şama kəklikplov yeyə və isti otaqda buğlana-buğlana yata və doxsan doqquzu soyuqdan və aclıq sancısından sübhədək vayıldıya, – bu elə bir hərc-mərc və elə bir fəsaddır, dəxi bundan savayı qeyri bir hərc-mərcə və fəsada ehtiyac yoxdur. Amma bunu bir yaxşıca düşünmək lazımdır ki, səhl saymaq məsləhət deyil; heç məsləhət deyil. – Ağa, lütfünüz artıq. – Ağa, mərhəmətiniz artıq. Amma necə səridim?.. . Cızvızçı “Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1 * * * Fahişəxana Mən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər. Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb. Bəs belə olan surətdə yenə məəttəl qalmışam. Bəzi vaxt öz-özümə deyirəm ki, xub, əgər fahişəxana pis şeydir, niyə bəs məndən savayı bunu bir kəs danışmır? Məgər məndən savayı bu şəhərdə ağıllı, həyalı və ismətli adam yoxdur? Gör hər gün haman fahişəxananın qabağından neçə min mömün və abırlı müsəlman bəndələr keçib gedir, niyə bəs onlar etiraz eləmir? Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum?! Xeyr, belə deyil, bəlkə Tiflisdə və qeyri şəhərlərdə ruslar, ermənilər, gürcülər və yəhudilər səhv eləyir? Bəlkə onlar qəflətdədirlər? Bəlkə fahişəxanalar qənimət bir şeydir? Mən, doğrusu, çaşmışam. Aman günüdür, məni başa salın görüm, mən dəli olmuşam, ya xalq dəli olub? Qurban olum sənə, bir məni başa sal, yoxsa, dəli olaram! Ax! Ax!.. . Dəli “Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1 * * * Bikarlar məhəlləsi Təbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum: – Bunlar niyə burada oturublar? Dedilər: – Bikardırlar. Oturanların bir parası ki, övrət-uşaqdırlar, əllərini açıb, gəlibgedəndən çörək pulu istəyirdilər, qalanları da kimi bitlənirdi, kimi mürgüləyirdi. Bu heyndə maliyyə qulamlarının biri qoltuğunda bir dolu təlis, içində dörd min tümən pul, gəldi girdi bir yekə və ali imarətə. Mən istədim biləm ki, bura haradır və hansı idarədir. Girdim içəri, gördüm ki, bir neçə otaqda çox əşxas oturub. Kimi qəlyan çəkir, kimi elə bikarçılıqdan mürgüləyir. Soruşdum: – Bura haradır? Dedilər: – Kargüzarxanadır. Dedim: – Yəni, necə kargüzarxana? Cavab verdilər ki: – Bura həmin idarədir ki, əgər bu idarə olmasa, Azərbaycan ümuratı məəttəl qalar və heç bir əncam tapa bilməz. Dedim: – Xub, yəni bu idarənin vəzifəsi nədir? Dedilər: – Bu həmin idarədir ki, əcnəbi konsulları məhz bu idarənin vasitəsilə Azərbaycan hökumətilə rabitə saxlayır. Dedim: – Çox gözəl, dəxi bu əzəmətdə idarəyə nə lüzum? Bir surətdə ki, iki-üç konsul ilə sual-cavabda olmaq üçün tək bircə məmur kifayət edərdi, məsələn, Tiflis kimi, bir böyük mərkəzdə həmin bir nəfər məmur on dörd konsula cavab verirdi və cavab alırdı, özü də əyalətin qoltuğunda bircə otaqda bir münşi ilə əyləşirdi və ayda ikisi birlikdə ancaq yüz tümən dövlətdən hüquq alırdı. Mən xəyalatda idim ki, gördüm maliyyə qulamı təlisdəki pulu tökdü yerə və başladı bikar ağalara paylamağa. Mən dedim: – Xub, əgər məqsəd pulu bikarlara paylamaqdır, bəs, küçədə bikar adam çoxdur, səbəb nədir ki, bu pullar kargüzarxana bikarlarına halal olub, küçə saillərinə haram olub? Ağaların biri – ki qəlyan çəkirdi, – üzünü mənə tutub dedi: – Molla əmi, əlbəttə, bunu səbəbi var. Səbəbi budur ki, kargüzarxana, doğrudur, indi bikardır və bikar ola-ola ayda dörd min hüquq alır, amma bizim kargüzarxanamız keçəcəkdə vətənə çox xidmət edib. Əgər sən “Acıkörpü vaqiəsi”ni yada salsan, özün də bu mətləbi təsdiq edərsən və bilərsən ki, bu pullar bizə həqiqətdə gərək halal olsun. Amma sən Molla əmi, əgər biqərəzanə danışmaq istəyirsən, gərək bunu da buyurasan ki, Azərbaycanın qeyri nöqtələrində on dörd belə bikar kargüzarxanalar var. Bəs, niyə sənin gözün ancaq bizi görür? Bəs onlara nə deyirsən? Mən bu ağanın cavabında məəttəl qaldım, ancaq Şeyx əleyhirrəhmənin sözü yadıma gəldi: Eyləyir küçədə təlaşi-çörək, Sübhü, zöhrü, əsr üryani-çənd. Gər töra dər behişt başəd cay, Sailan duzəx ixtiyar konənd. Amma öz aramızdı, məni həyətdən söyə-söyə saldılar küçəyə. Mozalan “Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2 * * * Tikan Bir gün bizə bir əbalı qonaq gəldi və salam verib istədi otura. Mən də istəyirdim oturam, birdən gördüm qonaq birdən dik durdu ayağa. Mən çox xəcalət çəkdim; çünki xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. Mən çıxdım dalana və nökəri çağırdım və başladım məzəmmət eləməyə ki, ey namərd, sən niyə məni xəcalət eləyirsən ki, evi süpürəndə süpürgənin tikanını fərşin üstünə salırsan?! Nökər and-aman elədi ki, süpürgənin elə bir tikanı yoxdu ki, yerə düşə və xalqın canına bata. Xülasə, girdim içəri və istədim oturam. Oturan kimi yenə qonağımız birdən dik qalxdı. Mən bu dəfə, doğrusu, lap xarab oldum və qeyzə gəlib, yenə çıxdım nökəri çağırdım və yenə başladım məzəmmətə və yenə girdim içəri və yenə istədim oturam, yenə qonağımız dik atıldı durdu ayağa. Mən bu dəfə dəxi qızara-qızara başladım qonaqdan üzr istəməyə ki, bu Təbrizin ev qulluqçuları çox bitərbiyə və biqabiliyyətdirlər ki, adamı belə bir əziz vücudların yanında utandırırlar. Qonağımız bir söz demədi və başladı məndən əhvalpürsanlıq eləməyə. Bu heyndə dostlarımdan bir nəfər otağa daxil oldu və istədi otura və yerə çökən kimi, qabaqkı qonağımız yenə dik atıldı. Mən dəxi həqiqətən pərişan oldum və yavaşca dostuma işarə edib, durdum ayağa və çıxdım çölə, dostum da mənim dalımca gəldi. Mən dalanda dostumu çağırdım və mətləbi məhrəmanə bəyan elədim, dedim ki: – Bu otaqda əyləşən möhtərəm vücudun yanında mən şərmsar olmuşam və bilmirəm nə vəsilə ilə ondan üzrxahlıq edim. – Dostum dedi: – Nə var və nə vaqe ittifaq düşüb? Mən tikan məsələsini dostuma ərz elədim. Amma həmin sözü eşitcək dostum qah-qah çəkib güldü və gülüb qurtarandan sonra belə fərmayiş elədi: – Əzizim, Molla əmi, sən bu vilayətin çün vəzinə bələd deyilsən, onun üçün sənə belə iştibahlar üz verir. Mətləbin vazehi budur ki, həmin möhtərəm əbalı qonağın altında tikan-zad yoxdur və nökəri nahaq yerə incidirsən; səbəb budur ki, bizim yerdə ata-babadan belə bir qayda var ki, məclisdə əyləşmək istəyəndə, o biri şəxsin vəzifəsidir ki, yerindən dursun ayağa. Sən yəqin ki, hər dəfə əyləşmək istəmisən, həmin qonaq sənə ehtiram göstərmək babətindən qalxıb ayağa; yoxsa arxayın ol ki, onun yumşaq yerinə tikan-zad batmayıb. Mən barmağımı dişlədim və mətləbi başa düşdüm; amma dostuma dedim ki: – Xub, mən axı bir dəfə yox, üç dəfə gördüm ki, qonaq dik atıldı. Dostum cavab verdi ki: – Bəli, üç-dörd dəfə səhldir. Sən səhərdən axşama kimi iki yüz dəfə oturmaq istəsən, sənin əbalı qonağın yerindən həmin sayaq dik atılıb duracaq və sən həmin qərarnan iki yüz dəfə də elə xəyal eləyəcəksən ki, qonağın yumşaq yerinə tikan batıb. Yoxsa nökərdə günah yoxdur. Təbriz süpürgəsinin tikanı olmaz. Mən o günü çox fikrə getdim.. . Mozalan “Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2 * * * Cavanlara Bircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və Allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Ermənistanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış. – Ağa, niyə gözləriniz qızarıb? Cavab verdilər ki, “Molla əmi, Allahdan gizlin ki, deyil, səndən niyə gizlin ola? Gecəni yatmamışıq”. – Niyə yatmamısınız? Nəyə məşğul idiniz, qumara, nəyə? – Qumara və məşrubata. – Nəyə? – Qumara və içkiyə, yəni kefə. Bəli, dəxi sözüm qurtardı. Ancaq cavanlardan bir müxtəsər giley-güzar eləmək istədim; istədim bunu deyəm ki, hər bir məmləkətdə millətin ümidvarlığı məhz cavanlar olublar. Amma bizim müqəddəs ölkəmizdə (Allah şeytana lənət eləsin) işlər necə tərsinə düşüb ki, hacı və məşədi övladının pəncşənbə axşamı və cümə gecələri sübhədək gözəl vaxtları nəyə sərf olur, nəyə? Qumara, arağa. Bu da vətənin bəxtindəndir ki, cümə günü hər bir cavanın üzünə ki, baxırsan, gözlərini qan çanağı kimi qızarmış görürsən. Dəxi başına nə daş salsın biçarə vətən? Onunçün qoca vətən cavanlara baxanda ağlaya-ağlaya deyir: “Driğa cəvani, driğa cəvani!”. Lağlağı “Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2 * * * Firqələr davası Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş. Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı. Mən onda uşaq idim, rəhmətlik nənəmdən soruşardım ki, “ay nənə, bəs məgər o firqələr azadixah deyilmişlər?” Nənəm deyərdi: “Bəli, bəli, azadixah firqələr idi”. Mən deyərdim: “Ay nənə, vallah başa düşmürəm; çünki uşağam, ağlım kəsmir. Amma bizim mədrəsə kitablarında yazılıb ki, azad bir məmləkətdə hər bir şey azaddır və məslək də o cümlədən”. Nənəm deyərdi ki, “ay bala, doğru deyirsən, amma o vədə azadlıq elə ona deyərdilər ki, hansı firqə ki, güclü oldu və iş başına keçdi, qeyri zəif firqələri əzib yox eləməyə azad imiş”. Mən dedim: “Nənə, axır, mən eşitmişəm ki, əcnəbi məmləkətlərdə belə deyil. Məsələn bir məmləkət ki, özünü azad hesab eləyir, orada hər bir firqə özü üçün təşkilat əmələ gətirib, həyatını aşkar surətdə meydana qoyur və bu firqələrin hansı birisi ki, qüvvət tapıb, hökumətə sahib olur, digər firqələri nəinki yox eləmək fikrinə düşmür, bəlkə haman firqələrdən hökumət idarəsinə nümayəndə dəvət edib, məmləkəti koalisiya surətində idarə eləyir”. Yadımdadır ki, mən bu sözləri deyəndə rəhmətlik nənəm qabaqca əsnərdi, sonra deyərdi: “Lənət sənə kor şeytan”, sonra da deyərdi: – Bala, dur yerini salım, yataq, gecədən çox keçir. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2 * * * Maarif dostlarına bəşarət Cəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür. Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə. Bu min iki yüz mədrəsəyə ayda iki yüz qırx min tümən məxaric təyin olunub ki, hər mədrəsəyə təqribən ayda iki yüz tümən düşür. Mədrəsələr beş klaslı, milli və məccani olacaq. Beş müəllim, hərəsi demokrasi üsulilə müsavi surətdə otuz tümən ayda hüquq aparacaq; qalan yüz tümən, mədrəsənin qeyri ləvazımatına xərc olunacaq. Bu min iki yüz mədrəsənin altı min müəllimi hazırda mədrəsədə təhsil eləmiş cavanlardan intixab olunacaq və bunları müəllimliyə hazır etmək üçün beş yerdə darülmüəllimin bina olunacaq: üçü Təbrizdə, biri Ərdəbildə və biri də Marağada. Həmin təşkilat dövlət xəzinəsi öhdəsində əmələ gəlir və çün, necə ki, məlumdur, dövlət xəzinəsi pulsuzdur, bu müqəddəs iqdamatı icra etmək üçün belə bir ali tədbir itxaz olunub: İdarələri milliləşdirmək. Təqlili-məxaric babətindən idarələrin yuxarı mərtəbələrində məqam tutan dövlətmənd, yəni əyan və əşrafı kənar edib millətin aşağı təbəqələrindən elmli və şərafətli cavanları onlara əvəz etmək və nəcabətli ağalar aldıqları hüququ üç yerə qismət etmək: bir qismini təzə milli məmurlara təyin etmək və iki qismətini təzə təsis olunan mədrəsələrin büdcəsinə daxil etmək. Həmin bu barədə hökumətin qərardadına binaən dövləti idarələrdə ayın iyirmi birindən təbəddülat iqdamatı başlanacaq. Birinci növbədə ümurati-maliyyədir ki, necə ki, məlumdur, ən əvvəl xəzinədən ağır bir pul götürən həmin idarəti-maliyyədir. Bu təfsilatı yazmaqda məqsəd, əvvələn, cəmi maarifpərvər qardaşlara bəşarət verməkdir. Saniyən, cəmi millət dostlarını təbrik etməkdir ki, zəmanənin müqtəziyyatı sayəsində bizim də biçarə millət axırda yada düşüb adamlar cərgəsinə qoyuldu ki, bundan sonra inşallah-taala bir idarəyə yolumuz düşsə, orada yuxarı başda əyləşən ağalar içində bizim də alim və şərafətli, qənaətkar cavanlardan gözümüzə sataşacaq. Yaşasın millət! Hərdəmxəyal “Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2 * * * Elanın zərəri “Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin. Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var. Bu səbəbdən mən möhtərəm ruznamədən xahiş edirəm bu mətləbi ruznamədə dərc etməsin, çünki İranda elanın lüzumu yoxdur. Hərdəmxəyal “Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3 * * * Vətən xadimləri Dibaçeyi-kitab Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum: – Bu nə camaatdır? Bir kəs cavab vermədi. Amma tanışlarımdan bir nəfər qulağıma pıçıldadı ki: – Durma, gəl gedək, bu camaat hamısı təminat müfəttişləridir ki, yığışıblar məvacib almağa. Mən o gün elə xəyal elədim ki, dostum mənimlə zarafat eləyir. Xülasə.. . Bəli, keçək söhbətə. Təqlili-məxaric babətindən, – necə ki, keçən şümarədə ərz olunmuşdu, – maliyyə idarəsindən sonra növbət nəzmiyyəyə yetişəcəkdir və bu barədə belə qərar qoyulub: Əvvələn, savayı ondan ki, təzə rəisi-nəzmiyyə özü təzəlikdə təyin olunanda hüququnun nisfinə iktifa edib qalan müavin və kəfillər də buna bir növ təbiyyət ediblər. Amma nəzmiyyənin qeyri qulluqçuları barəsində belə binagüzarlıq olunub. Məlumdur ki, komissarlardan və acanlardan başqa idareyinəzmiyyədə min üç yüz yetmiş məmur var ki, bunlar əsnaf və unifrom libasında təminat müffətişi Adı ilə vətənə xidmət edirlər. Hələ bunlardan savayı yenə çox-çox bimənsəb sahibmənsəbləri demirəm ha!.. . Bəli, bu qism vətən xadimləri min üç yüz yetmiş nəfərdir. Amma həqiqətə baxsan, bunların sayını və hesabını Allahdan başqa heç kəs bilməz; çünki bunların hər birini şəhərin bir sahibnüfuzu öz yanınca gətirib ki, ona bir məmuriyyət verilsin və bunların da məmuriyyəti budur ki, çıxıb bazarı və küçələri gəzib qoymasınlar ki, şəhərdə zəlzələ olsun. Bunların hüququ maliyyədən çatasıdır. Maliyyə də bunlara həvalə verir ki, kənd ərbablarının bədhəqlərindən, yainki bişüurlarından tapsınlar və məvaciblərini onlardan alsınlar. Elə ki, ortalığa bir az pul gəldi, həmin min üç yüz yetmiş nəfər doluşurlar nəzmiyyəyə və bir-birini itələyə-itələyə pulu qismət eləyirlər. O ki, qaldı nəzmiyyə müdirləri, komissarlar və poçtalarda duran məvacibsiz acanlar, onlar da Hacı Nəcmüddövlənin təqvimini mülahizə eləyib Allah-taalanın dərgahına min-min şükürlər eləyirlər; çün təqvimdə yazılıb: “in mah dəlalət mikonəd bə flan və flan və səbr və təhəmmüli-rəncbəran və çörəyi zəhmətlə qazanan, nəinki bəboş-boş dolanan”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3 * * * Qız tərbiyəsi Bir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər. Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar. Və özgə cür də ola bilməz, çün alim cavanlarımızı qınamaq mümkün deyil; səbəb budur ki, əgər onlar gedib tərbiyəsiz qız alıb evə gətirsələr, yola getməyəcəklər və necə də yola getsinlər ki, kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək: “Kişi, tək səbir gəldi, qoy kitabı yerə”. Kişi övrətdən bir burun dəsmalı istəyəndə, övrət deyəcək: “Sən Allah, kişi, özündən iş çıxartma, ətəyinnən burnun sil”. Bəs, bunun çarəsi? Biri budur ki, qızlara da tərbiyə verək ki, kişilərlə hər bir işdə tuş getsinlər. Amma bu məsləhət deyil, çünki xudanəkərdə qız dərs oxusa və yazmaq bilsə, bəlkə şayəd ola bilər ki, məsələn, indi bir sözdü danışırıq, kefi istədi, götürdü bir yad kişiyə bir kağız yazdı. Amma mənə qalsa, ən salamat çarəsi budur ki, biz heç əslindən oğlan uşaqlarını da dərsə qoymayaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda, məsələn, səbir gələndə kişi də işini yarımçıq qoyar ki, səbir keçsin, övrət də yarımçıq qoyar. Dəxi bundan yaxşı əlac mən bilmirəm. Və bu da hamısından məsləhətdir. Dəli “Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3 * * * Mübarək olsun Adət eləmişik bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək. Bəs, təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər də şad olmuşuq. Uşaqlar sevinib təzə paltar və qırmızı yumurtaya, biz böyüklər də elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt də burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahibsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetimə uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar. Bir kəs ki, bu mətləbi düşünmədi, onun uşaqdan bir fərqi yoxdur; çünki uşaq tayfası belə hisslərdən uzaq olar. Amma həqiqi bayram o kəslər üçündür ki, bayram günü onun cismindən savayı ruhu da şad ola; ruhun da şadlığı o surətdə ola bilər ki, insanlar insanlıq vəzifəsini yerinə yetirə. Mübarək olsun eydi-səidi-novruz o şəxslərə ki, bayram münasibətilə sahibsiz bir uşağı yada salıb onu şad edəcək. Mübarək olsun eydi-firuzi-novruz o qardaşlara ki, onun hümməti nəticəsində digər bir möhtac qardaşımız da bayram günü özü və uşağını tox görüb, uşağını bir qırmızı yumurta ilə sevindirə biləcəkdir. “Molla Nəsrəddin”, 9 rəcəb, 1339, (20 mart 1921), №3 * * * Dəstə – Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz. – Çeşm, çeşm! Şərəfyab olarıq inşallah. Buyurduz nə vaxt gələk? – Üç yarımda. – Yəni necə üç yarımda? – Bəli, üç yarımda, dəstədən üç saat yarım keçmişdə. – Hacı ağa, üç yarım keçəndə bivaxt olar. Xahiş edirəm günortadan qabaq cəm olaq; günortadan sonraya üzrüm var. – Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarım keçəndə. – Hacı ağa, indi başa düşdüm, siz irani hesab ilə fərmayiş edirsiniz. Çün mənim saatım alafranqa qurulub, o səbəbdən iştibah etdim. Xub, buyurursuz dəstədən üç yarım keçəndə? – Bəli, Mirzə ağa, üç yarım keçəndə. – Hacı ağa, bağışlayız, mənim alafranqa saatım üç yarım keçəndə, bizim alafranqa hesabilə saat neçə olur? – Mirzə ağa, üç yarım keçəndə təqribən axşam azanına səkkiz saat yarım qalır. – Hacı ağa, bağışlayız, mənim alafranqa saatım günortadangünortaya qurulur; görəsən, üç yarımı ki, buyurursuz günortadan nə qədər qabaq olacaq? – Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarım qalır. Xeyir, gərək ki, dörd saat qala. – Xeyr, Hacı ağa, gərək az qala. – Xeyr ağa! Bizim hesabda təqribən dörddən bir az-maz kəm qalır. – Xeyr, ağa, bizim hesabda saat doqquz olur. – Xeyr, ağa, bizim hesabda saat üç yarımdır. – Xeyr, ağa, təqribən dörddən bir az-maz kəm qalır. – Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarım ola. – Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? – Yəni günortaya təqribən.. . qoy hesab edim, yəni təqribən dəstədən yarım, bəli, üç yarım, axşama da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik.. . Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sonra gəldi, bir neçəsi iki saatdan sonra cəm oldu, qalanları da heç əbədən gəlmədi; çünki bilmədilər, dəstə hesabilə gəlsinlər, ya alafranqa hesabilə. Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu. Lağlağı “Molla Nəsrəddin”, 20 rəcəb, 1339 (31 mart 1921), №4 * * * Ballı badımcan Ballı badımcan xala, Qoyma qızı çox qala, Sinni çatıb doqquza, Lap da gəlibdir hala. – Mən nə deyirəm, Nurcahan bacı, bir Allah bəndəsi olsun, qızı verək getsin. Amma hələ bir yaxşı yerdən istiyən yoxdur. Mən də qızımı çölə tullaya bilmənəm ki, verəm hər bir baqqala Ay, xalacan, ballıca, Bir kişi var xallıca, Heç də deyildir qoca, Adı Həsən xan, bala, Qoyma qızı çox qala, Bəlkə Həsən xan ala? – Nurcahan bacı, qadan alım, axı Həsən xan əba örtmür, lümə palton geyir. Mən qızımı necə verim hər çaqqala. Ballıca qurban sənə, Mirzə Süleyman genə- Eylədi peyğam mənə. Qoyma qızı çox qala, Çünki gəlibdir hala, Bəlkə Süleyman ala? – Nurcahan bacı, vallah deyirlər Mirzə Süleyman teatrdı, nədi, orda oyunbazlıq eləyir. Heyif deyilmi, gül kimi qızımı verim belə bir naqqala? Pəs elədə, ay bacı, Qonşuda var bir hacı, Sinni çatıb həştada, Çox da deyildir acı. Qoyma qızı çox qala, Çünki hala, Bəlkə hacıcan ala? – Ay Nurcahan bacı, Allah atova rəhmət eləsin, bax, bu hacıya nə demişəm, nə demişəm bu qırmızı saqqala! Dabanı çattax xala “Molla Nəsrəddin”, 31 mart 1921, №4 * * * İranda ləqəblər Bunu heç kəs inkar etməz ki, İranın bu dərəcədə tərəqqi tapmağına və qeyri məmləkətlər içində şöhrət qazanmağına ancaq və yenə də ancaq ləğəblər səbəb olubdur. Vaqeən, bu saat dünyanın hər bir yerində İranın ləğəblənmiş əşxasının söhbəti düşəndə hər bir kəs quruyub qalır və çünki oralarda bu qism böyük adamlar az tapılır, onunçün paxıllıqlarından az qalır canları çıxsın (cəhənnəmə çıxsın, gora çıxsın). İndi mən ərz edim, gör qeyri bir məmləkətdə belə-belə baş sahibləri var, ya yox. Məsələn: Qəzənfərül-mülk – bu ağa haman vücuddur ki, Atilladan başlamış Napalyon, Gindenburq və Ənvər paşa bu ağadan təlim tapıb, bu vücudun dəstpərvərdələridir. Vəkilül-məmalik – Avropa müharibəsindən sonra Parisdə qərar verilən tarixi sülh konfransında cəmi dövlətlər Vudro Vilsonu biqabiliyyət bilib, konfrans sədarətinə həmin ağanı dəvət etdilər (hələ bu da çəm-xəm eləyib getmirdi). Həkimi-əzəm – İngiltərədə Oksford darülfünununda tibb leksiyaları irad edirdi. Bunu ağanın şagirdlərindən məşhur doktor Huxman, doktor Şavelli, doktor Ribyan, Rakud, Nelapus və qeyriləri rəvayət edirlər. Zərğami-xəlvət – oxuculardan üzr istəyirəm, çünki cəmi xəlvət ləğəblərini məna etməkdən həya edirəm – şayəd övrət-uşağın nəzərinə çata, yaxşı olmaya. Müzəyyənüs-sultan – yəni sultanı bəzəyən. İndi bunu da Allah bilir ki, nə tövr və nə vaxt bəzəyir; dəxi bizə məlum deyil. Filosofül-məmalik – Sokratın, Dekartın və Karl Marksın filosofiyalarını tənqid elədi və yer üzündə bu dairədə birinci olaraq ictihad etdi (Bari xudaya, sən özün hifz elə). Fəthül-məmalik – Yeni dünyanı, Cənubi Avstraliyanı və Qütbişimalidə çox aləmlər fəth etdi. Lisanüd-dövlə – İranın danışmağı məhz bu ağanın vücuduna bağlıdır və çün ağa, əğləb övqat, tiryək nəşəsi aləminə müşərrəf olur, o səbəbdən yüz ildən artıqdır ki, İran lal hesabındadır. Hərdəmxəyal “Molla Nəsrəddin”, 20 rəcəb, 1339 (31 mart 1921), №4 * * * Cağəsbi Bir gün bir dəlidən soruşdular ki, “cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi: – Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq. * * * Camə ğəsbi də budur ki, bir dövlətli şəxsin on dörd dəst köhnəlməmiş paltarı evdə boxçada ola-ola gedə dərziyə, yenə paltar tikdirə; amma həmin ağanı məndə saxlamaq üçün İsmayıl ağa tədibi üçün gedən qoşunlar dağda-daşda qışın şiddətli soyuğunda titrəyə-titrəyə sərhəddi müdafiə eləyələr, küçələrdə də yetim uşaqlar lüt-sərgərdan dolana-dolana düşüb ölələr. Buna da deyər “camə ğəsbi”; yəni belə paltarda namaz qılmaq nə Allaha xoş gələr, nə də vicdanlı bəndəyə xoş gələr. * * * Pəh, pəh, pəh! Bu da, maşallah, söz danışdı. A kişi, vurun peysərindən dəli oğlu dəlini, cəhənnəm olsun qoysun getsin! Gör nə günə qalmışıq ki, dəlilər də gəlib bizə məsələ öyrədir. Dəli “Molla Nəsrəddin”, 1 şaban, 1339 (10 aprel 1921), №5 * * * İlan-qurbağa Dünən poçtadan bir məktub aldım, yazılıb ki, “İdarədən xahiş edirəm Rasta küçəyə mənim adıma altı aylıq ruznamə göndərilsin”. Məktubun axırında imza əvəzinə bir qurbağa şəkli çəkilib. Dedim bəlkə məktub sahibi mənnən zarafat eləyirmiş. İki gündən sonra məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. Mən məktubu göstərdim və qurbağanı nişan verdim və zarafatın səbəbini soruşdum. Ağa bir az rəncidə olan kimi, cavab verdi ki: – O qurbağa deyil, imzamdır. * * * Gündə idarəmizə beş-on məktub gəlir, Allaha and olsun ki, bir dəfə də olmayıb ki, məktub sahibinin adını oxuya biləm; çünki imza əvəzində bu nainsafların biri ilan şəkli çəkib, biri quş şəkli çəkib, biri aeroplan çəkib. Xülasə, dünyada bir ilan-çayan yoxdur ki, məktublarda imza əvəzinə çəkilməsin və indi bu saat idarəmizdə on beş, iyirmi abunə sifarişi biəncam qalıb; çünki abunə istəyənlərin adlarını hər kəsə nişan veririk, oxuya bilmir. * * * Dostlarımın çoxu mənim gözümün qabağında bir kəsə kağız yazıb qurtaranda mən onun hərəkətinə tamaşa edirəm; o yerə ki, istəyir adını yazsın, qabaqca qələmin tez-tez – davata mizləyib kağızı bir az yanqılıcı tutur. Sonra başını bir az əyir aşağı və hıqqana-hıqqana adının baş hərfini yazır və sonra həmin hərfin ətrafına hörümçək toru kimi bir çoxlu cızma-qara çəkir. Deyirəm: – Bu nədir? Deyir: – Mənim imzamdır. Deyirəm: – Bəs, niyə ismi-şərifinizi yazmırsınız ki, kağızı oxuyan bilsin. Deyir: – Elə bu mənim adımdır. Deyirəm: – Bağışla, bilmədim. * * * Belə tutaq ki, mən böhtan deyirəm, indi and verirəm oxucuları Xoyda rəiyyət evlərində qonaq qalan və İsmayıl ağa müharibəsində qeyrət göstərən bəzi atlıların insafına, heç bir dəfə ittifaq düşübdümü ki, İranda yazılan məktubları alanlar məktubun imzasını oxuya bilsinlər? Ancaq zənn ilə və möhr olsa möhr ilə, yainki poçt əlaməti vasitəsilə təxminən bilirlər ki, məktub sahibi kimdir. * * * İmzaların çoxu ilan şəklindədir. Bəzisi milçək, qarışqa, soxulcan və dozanqurdu şəklində olur. Çoxusu cızmaqaradır, bir parası bir neçə cızıqdan ibarətdir. Bəzi də adının baş hərfini yazan kimi, hərfin ətrafını cızıqlayır və ətrafına balaca-balaca quş qanadı düzür. * * * Budur bizim imzalarımız. Danışanda özümüzə bərabər yer üzündə bir ayrı qələm sahibi bilmirik, amma mənə qalırsa, bu imzalarımıza baxanda gərək mərd-mərdanə boynumuza alaq ki, yer üzündə əgər bir biməna və gülüncə layiq olan millət varsa, o da həmin başıboş ağalardır ki, anaları qoyduqları adı yazmağa guya utanıb, ilan-qurbağa çəkirlər ki, bədbəxt kağızı oxuyan bilməsin ki, kağızı yazan kimdir. Biçarə millət! Mozalan “Molla Nəsrəddin”, 1 şaban, 1339 (10 aprel 1921), №5 * * * Yumşaq-quru Mən qərib adam, pulum da yoxdur. Gedirəm çörək almağa, səngəkçi qabaqca soruşur: yumşaq istəyirsən, quru? Deyirəm quru. Görürəm şatır səngəki səliqə ilə bişirir, o tərəfini bu tərəfini qızdırır, tutur qabağıma ki, götür apar. Mən də olan qalan bir abbasımı verirəm, çörəyi dürməkləyirəm və bir dəqiqədə qovurqa kimi yeyirəm, genə ac qalıram. Sabah genə getdim bir səngək istədim, genə çörəkçi soruşdu: yumşaq istəyirsən quru? Dedim qoy bu səfər “yumşaq” deyim, bəlkə bu səfər qarnım doya. Dedim yumşaq. Onda gördüm zalım oğlu şatır bir xəmir kündəsini yaydı, bir təhər burşaladı (məsələn, itə yal bişirən kimi), qoydu tərəziyə və bir-iki tikə də kəsdi, düzəltdi, verdi apardım yedim, doydum. Bəli, doydum, yəni möhkəm doydum. Amma qarnım şişdi və sancı elədi. Getdim davaxanaya, dava soruşdum, elə qiymət dedi ki, quruyub qaldım (amma davaxananın adını yadımda saxlamışam ha). İndi ay müsəlman qarlaşdar, sizdən ikicə şey soruşacağam; biri budur ki, bilmirəm bu şəhərin sahibi var, ya yox? Biri də budur ki, səngəkçi ki sizdən soruşur: quru verim, ya yumşaq verim, onda siz nə cavab verirsiz və mən nə cavab verim? Amma dərdi-sər oldu, bağışla. Qızdırmalı “Molla Nəsrəddin”, 10 aprel 1921, №5 * * * Təzə partilər Axır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb. Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir. İkinci parti İlxani partisidir; parlaman əzaları sərbazlardan ibarətdir. Prezident həmin İlxanidir. Üçüncü parti candarm partisidir. Rəisi-macor .. . xan, əzayi-parlaman jandarmalardan ibarətdir. Dördüncü Kəlbalı xan partisidir. Parlaman əzası Maku atlılarından məxfi rəylə intixab olunub. * * * Bu ad verdiyimiz dörd partiləri altı il bundan əqdəm hətta Paris konfransı da təsdiq etmişdi və hərçənd zahiri müahidələri mocibincə bunlar Şimali Amerika Müttəfiq hökumətləri üsulu ilə təşkil tapıblar; amma batində hər biri öz əməliyyatında müstəqildir. İndiki İsmayıl ağa qovğasında bunlar hərəsi bir ayrı əsas ittixaz edib, ayrı bir cəngavərlik fənnini istemal edir. Məsələn, Quluxan müharibədə millilik tərəfdarıdır, onçün onun atlıları Xoy əhalisinin evlərinə doluşub can bir şişədə yaşayırlar və bir-birindən ayrı düşəndə nə bunun yeyib-içmək canına sınır, nə də onun. O ki, İlxanidir, onun cəng-azmudəliyi əzhər minəşşəmsdir. Məsələn, bunun sərbazları dava meydanında məşhur professor Müller sistemi ilə qışın şiddətli soyuğunda ayaqyalın və üryan, ancaq çiyinlərində ala carşov olarmış ki, kürdlər uzaqdan görüb qorxsunlar və qaçsınlar. Jandarma partisi Sparta sayağı ilə müharibəyə çıxırlar; yəni keçmiş tarixdə də müşahidə olunub ki, İtaliyada Qaribaldi səltənətlə vuruşanda sərbazları üç gün ac qaldılar və aclıqları səbəbindən elə bir qeyzə gəldilər ki, səltənət qoşunlarını iki günün ərzində Venesiya dəryasına tökdülər. * * * Hələ bundan əlavə həmin bu dörd partilərin bu axır vaxtda İsmayıl ağa qabağında müvəffəqiyyət tapmaqlarının ümdə səbəbi bu oldu ki, dörd qonşular, – necə ki ərz olundu, – hər işdə azad və xudsərdir. Belə tutaq ki, prezidentin biri hökm eləyir ki, flan gün və flan saat çıxaq flan yerə və flan səngəri işğal edək. Digər bir parti rəisi buna cavab verir ki, a kişi, sən olasan Allah, əl çək məndən! Kefim istər – gedərəm, istəməz – getmərəm. * * * Bunu da lazımdır qeyd etmək ki, bu dörd partilərin qoşunlarının azuqəsi Qaraziyəddin kəndində mərkəzi buğda ambarından çatır. Hər kəs desə ki, bu barədə camaata bir əziyyət yetişər, böhtandır, yenə də böhtandır. Mən təəccüb edirəm ki, bəs necə İsmayıl ağa bu qədər qüvvənin qabağında dayanır? Kişi qurd ürəyi yeyib. Hərdəmxəyal “Molla Nəsrəddin”, 14 şaban, 1339 (23 aprel 1921), №6 * * * Misyonerlər İranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir. Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular. Bir saatlığa biz özümüzü azadixahlığa qoyaq və bu babətdən razı oluruq ki, müsəlmanın da gərək haqqı olsun Amerika yainki Yaponiyada öz dinini təbliğ etməyə, xristiyanlar da bizim azad məmləkətdə öz ayinlərini azad surətdə tərvic eləsinlər. Amma mətləb buradadır ki, xristiyan misyonerliyi İranda kapitulyasion məcburiyyəti ilə təşkil tapıb və məhz bu səbəbdəndir ki, İran hökuməti misyonerlikdən dəfəatla baş verən zəhmətlərə qatlaşıb və bunun qabağını almağa pul tapmayıbdır. Məsələn, götürək İsmayıl ağa faciəsini: İranın qərb sərhədlərinin keçmişdə siyasi həvadisatından baxəbər olanları, bizim işarələrimizdən çox qəziyyələr yada sala bilərlər. Biz zəif bir millətik. Amerika kimi əzəmətli bir məmləkətdən biz çox maddi və mənəvi köməkliklərə müntəzir ola bilərik və hər birinin müqabilində öz ixlasımızı izhar edə bilərik. Amerika axır vaxtlarda möhtaclarımıza müavinət əli çat[dır]anda biz haman nəcib və şücaətli millətin yer üzündə varlığına iftixar edirdik. Amma.. .. .. .. . , minlərcə təəssüf olsun ki, qism-qism elm, fənn, sənət mədəni hesab olunan Amerika məmləkətindən professorlar və ustadlar əvəzinə bizə göndərilən töhfələr ibarət olur uzun ətək və uzun saqqal misyonerlərdən, fənni mədrəsələr və sənətxanalar yerində keşişxanalar bina olunur.. . Biz mehmandostluq babətindən və azadixahlıq xatirəsi üçün məmləkətimizdə yaşayan cəmi xristiyan millətlərinə və o cümlədən misyonerlərə də riayət etməyə hazırıq. Amma haman azadixahlıq naminə onlar da gərək zəmanənin təqazasını mülahizə eləyib, öz ruhani istibdadından əl çəkələr və dini təbliğatlarında məcburiyyətliyi bilmərrə tərk qılalar. Onlar öz pulları ilə təsis etdikləri mədrəsələrə qeyri xristiyan uşaqlarını qəbul etməyə məcbur ki, deyillər. Amma zəmani ki, möhtaclara rəhm eləyib, onları dərsdən bibəhrə qoymaq istəmədilər, o vaxt dəxi bir belə ağır təklifi yeddi-səkkiz yaşında uşağın boynuna qoymayalar ki, onlar gərək xaçpərəst dərslərini və ibadətlərini məcburən qəbul eləsinlər. Necə ola bilər balaca müsəlman uşaqlarını cəbrən ata-anasının dinindən yadırğadıb incil və İsa dərsləri ilə beyinlərini laxlatmaq, onları cəbrən xristiyan ibadətxanasına daxil eləmək? Əcəba, ziyalı bir Amerika milləti bunu rəva görür? Hətta keçən istibdad dövrlərində də misyonerlikdə məcburiyyət bu əndazədə deyildi ki, indi İrandadır. İdareyi-maarifimiz, görəsən, bu məqaləmizdən incimədi ki? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 şaban, 1339 (23 aprel 1921), №6 * * * İanə Təbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir. Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər. Çox az ittifaq düşüb ki, ruznamələr ümumun rəğbətinə təkyə eləyib, məhz millətə və genə də millətə qulluq edələr. Millət də bu mətləbi yaxşı düşünüb və yaxşı bilir ki, İran ruznamənəvisləri öz başlarını saxlamaqda aciz deyillər. Qızdırmalı “Molla Nəsrəddin”, 28 aprel 1921, №6 * * * Təzə dəyirman Eşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah. Qızdırmalı “Molla Nəsrəddin”, 23 aprel 1921, №6 * * * Üç çərək Biz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək. Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq. Bu barədə biz özümüzdə bir günah bilmirik, çünki biri budur ki, biz həqiqət təzə divarı üç çərək dalı çəkmişik, amma küçəyə tərəf dalı çəkməmişik. Nə eybi var, o da daladır, bu da daladır. O baxır ki, üzünü hansı tərəfə tutasan. O ki qaldı, küçə daralır, bunun da o qədər eybi yoxdur, çünki adam istəsə keçməyə üzünü bir az yan tutar, dar küçədən də keçər. Sırtıq “Molla Nəsrəddin”, 28 aprel 1921, №6 * * * Tüstü Yer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə. Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin. Yer üzündə bir millət qalmayıb ki, peyini çəki ilə satın alıb əkin yerlərinə tökməsin. Bircə Təbrizdə peyin müftədir; çünki Təbriz vilayətində əkin olmasa, Allah-taala yox yerdən bizə çörək verər. Və çün peyin müftədir, o səbəbdən də hamamçılar oduna pul vermirlər; çünki pul versələr, hamam sahibləri o qədər dövlət qazana bilməzlər ki, indi qazanırlar. Millətə təfavüt eləmir, əgər mənim əcəlim tamam deyil, hamam tüstüsü ki, məni indidən öldürməz. Onunçün tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib axşam abi-güştü yeyib yatasan. Sən ki, hamamın qoxumuş peyninin, üfunətli tüstüsünün içində yaşayacaqsan, dəxi niyə özgə millətləri bəyənmirsən ki, onlar hamamlarının tüstüsü ilə qonşuları boğmurlar?! Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyat və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü!.. Xülasə, millət tüstü içində boğulmaqdadır! Və boğula-boğula nicata müntəzirdir. – Kimdən? – Hər bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, hər bir bəni-növi-bəşərə rəhmi gələnlərdən. Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eləyib. Əgər dadü fəryada tez yetişməsəz, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. Tələsmək lazımdır. Hərdəmxəyal “Molla Nəsrəddin”, 28 şaban 1339 (7 may 1921), №7 * * * Əfradi-saleh Hər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”. Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”. İndi görək axır təzə nədir, köhnə nədir? Görək köhnələr imiş əfradi-saleh, ya təzələr olacaq əfradi-saleh? Əgər köhnələr əfradi-salehdən idilər, dəxi ədliyyənin inhilalına nə bəhanə var idi? Əgər əfradi-saleh məhz təzələrə deyirlər, bəs, ağayani-flan və ağayani-flan ki, çox-çox köhnədirlər? Mən bu sözləri danışanda mənə deyirlər ki, “dəlisən”. Danışmayanda ciyərim az qalır içərimdə od tutub yansın. Doğrudan, bəlkə mən dəliyəm? Amma öz aramızdır, burada yaxşı fürsət düşmüşdü bir neçə ləğəbləri lüğətdə tapıb məna eləyəm; Allah baisin evini yıxsın, bizim balaca uşaq bir dəfə asqırdı, istədim gözləyəm, ta səbir keçsin, mətbəədən adam gəldi ki, tez ol durma, məqalələri gəndər düzsünlər; yoxsa, Xorasandan təzə təqvim gəlib, məşədilər bu saat qurdalayıb bir təzə tətil çıxardacaqlar, ruznamən bir gün dalı düşəçək. Dəli “Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7 * * * Ax, Nikolay! Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”. Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm. İndi soruşan gərək niyə və nə səbəbə arzu edirəm? İzn versən, bu saat səbəbini bir-bir qoyaram qabağına. Burada uç səbəb var: Qulluqi-şərafətməabıva ərz olsun ki, Nikolayın səltənət dövrəsinin lap istibdad vaxtlarında yenə Rusiya millətinin o qədər hörməti və ixtiyarı var idi ki, Allah o hörmət və ixtiyarın heç olmasa yarısını biz iranlılara yanılıb qismət eləsə, papağımızı min dəfə göyə atarıq. Canım sənə desin, Nikolay əsrində hələ Rusiyaya məşrutə verilməmiş zamanda, rusların cəmi mülki idarələri millət vəkillərinin əlində idi ki, rusca həmin vəzi-idarənin adı Zemstvodur; məsələn, kəndlərin maarif işləri, şəfaiyyə işləri, maliyyat işləri, yol işləri, (necə ki biz qazı-qazı deyirik. Fə-vayidi-amə bəd nəzər! Yum gözlərini) – bəli, bu işlər millət vəkilləri tərəfindən idarə olunurdu. Bu bir (amma barmağını yum, yadından çıxmasın). İkincisi budur ki, şəhərlərdə Nikolayın istibdad zamanında cəmi bələdiyyə idarələri millət vəkillərinin ixtiyarında idi. Bu iki (yum barmağını). Qaldı üçüncüsü, bunu ərz eləyim, söhbəti qurtarım (yoxsa uzun olsa, yazıqsan, yuxun qaçar). Üçüncü də budur ki, Nikolayın əsrində, hələ məşrutədən də qabaq ədliyyə hakimlərinin cələsələrində üç nəfər nizami hakimlərin müqabilində millətin müxtəlif təbəqələrindən intixab olunmuş on iki nəfər millət vəkilləri nə yolda rəy versə idilər, rəsmi hakimlər həmin vəkillərin rəylərinə müvafiq işə əncam və fitva verməyə məcbur idilər. Amma qorxuram başa düşməyəsən, çün görürəm əsnəyirsən. Ax, Nikolay! Gör bəxtin necə yatıb ki, səni iranlılar da müstəbid hesab eləyirlər. * * * Amma öz aramızdır, Nikolayın bir böyük eybi var idi: eybi də bu idi ki, Rasputin adında bir lotunu oturtmuşdu öz yanında, səhər qayğanaq, axşam sədr düyüsundən plov və qəlyan (hələ bəlkə tiryək də). Cüvəllağı Rasputin korazehin padşahı elə təsxir eləmişdi ki, bir övqat Rusiya məmləkətinin padşahını Rasputin bilirdilər (amma Rusiyanın da evini Rasputin yıxdı). Bu barədə istəyirdim bir söz danışam, amma vallah qorxuram. Billah qorxuram, qardaş! Zora salma, qorxuram! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7 * * * Məşrubat Dünən bir nəfərdən eşitdim ki, erməni şərabçıları rəməzan ayına biqərar müntəzirdirlər. Səbəbini soruşdum, cavab verdi ki: – Rəməzan gecələri arağın və çaxırın müştərisi çoxalır. Mən təəccüb elədim və rəfiqim and içdi ki, müsəlmanlar orucluq gecələri qeyri vaxtlardan artıq şərab içirlər. Bu belə. * * * Şəriətimiz məşrubatı haram buyurub, amma and olsun Allaha ki, müsəlmanlar qeyri millətlərdən də artıq içib keflənmək dərdinə mübtəladırlar. Belə olan surətdə biz, demək şəriətə də baxmırıq. Bu da belə. Məşrubatı Rusiya hökuməti iki dəfə qədəğən elədi: bir dəfə Kerenski zamanında, bir dəfə də kommunistlər qədəğən elədilər. İndi bu saat Rusiyada bir nəfər içib keflənə, ya dükanda, evdə içki saxlaya, səxt mücazata düçar olacaq. Amma islam şəriətinə qail olan Təbrizdə əğləb müsəlmana rast gəlirsən,– onu kefli görürsən. Bu da belə. * * * Bizdə dəxi utanmaq qabiliyyəti qalmayıb. Adam adama deyər: “Əgər Allahdan utanmırsan, barı bəndədən utan!”. Əgər şəriətdən utanmırsan, barı xaçpərəstlərdən həya elə! Əgər xaçpərəstlərdən utanmırsan, barı bütpərəstlərdən utan! Yoxsa sən gündüzlər oruc tutub, gecələr pulunu çaxır satanlara xərcləyəcəksən, yoxsa adını müsəlman və insan qoya-qoya əziz vaxtını və bədənini araq və çaxır zəhərlərilə zay edəcəksən, o vədə sən həm Allah yanında məsulsan, həm əhlü əyalın yanında xəcilsən, həm insaniyyət aləmində yerin alçaq məqamlarda qərar tutacaq. Bu da belə. Qaldı hökumətimiz. Bilmirəm, səbəb nədir ki, hər ayda və hər gün hökumət tərəfindən gah flan şey qədəğən olunur, gah flan iş mən olunur, gah flan iqdamata ya flan tiçarətə icazə verilmir. Niyə bəs indiyə kimi bircə dəfə də olmayıb və görsənməyib ki, müsəlman hökuməti tərəfindən islamda haram buyrulan və cəmi millətlər içində qədəğən olunan məşrubat istemalı kimi ərzəl bir işə rəsmi qədəğənçilik sadir ola? Məşrubatı qədəğən eləməyə nə bir çətinlik? Meyxanaları mən etməyə nə bir mane? Kimdir hökumətin əlini tutan ki, qələmi götürə və imzalaya ki, min bəd küçə və bazarda, evdə və məclislərdə məşrubat içənə və məşrubat satana və məşrubat saxlayana bu qədər cərimə və bu qədər həbs qərar veriləcək. Bu nə bir çətin məsələdir? Kimdir buna mane olan və mümkündürmü ki, belə bir müqəddəs qərardadı bu gündən sabaha qoymaq? Belə məlum ki, bizim alnımızda yazılmayıb ki, yer üzündə biz də varlığımızı bildirək. Yəqin ki, yazılmayıb. Mozalan “Molla Nəsrəddin”, 28 şaban, 1339 (7 may 1921), №7 * * * Bəla Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya. Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar. İndi gəl, bu da sənə dəmir yol! İşə düşəndə ilan kimi burulur və öküz kimi anqırır; dəvələri və kəndlərdə arvadları qorxudur, işə düşməyib yatanda bir para bikar adamlar başlayırlar hökuməti və tacirləri məzəmmət eləməyə ki, bax gör bu iranlıların himmətinə! Nikolay on iki milyon pul sərf etdi və bunlara dəmir yol qoydu getdi, amma bu təşəxxüsdə hökumət və bu qədər dövlətmənd tüccar bir balaca dəmir yolu abad saxlamağa acizdirlər. Mən ölüm, bir gör nə danışırlar? Qardaş, aciz niyə oluruq? Əvvələn, biz hamıdan ağıllıyıq və hamıdan qoçağıq. Qoçaqlığımızın biri budur ki, görürsən gürcu camaatı öz cibindən pul çıxardıb, Kaxet dəmir yolunu qayırdı, amma biz işi elə gətirdik ki, dəmir yol bizə müftə qaldı. İkinci də budur ki, özgələrin dəmir yolu nahaq yerə gecəni də, gündüzü də işləyir və bir aləm neft yandırır, bir aləm əmələni və qulluqçuları məəttəl eləyib, bunlara bir aləm pul paylayır, amma biz baxıb görürük ki, dəmir yol bizə lazım olanda on altı tümənlik odun alırıq yandırırıq və qoşunlarımızı mindirib bir yana yola salırıq; yainki bir yerə mal göndəririk. Amma elə ki, bizə qoşun göndərmək və mal göndərmək lazım olmadı, – onda dəxi yolun işdə olmağının nə lüzumu? Onda da yolu qoyuruq yatır, əmələləri də göndəririk kənd-kəsəyə. Doğrudur, bir para ağzıgöyçəklər deyirlər ki, yol işdə olmayanda başlayır dağılmağa, çöl əhli tökülür dəmir-dümürünü söküb aparır. Cəhənnəmə aparır, gora aparır! Sağ olsun dəvələrimiz! Yoxsa mən əlimnən götürüb ayda üç min tümən verim ki, yol işləsin? Cəhənnəmə işləsin, gor da yanıca! Sağ olsun ulaq-qatır karvanımız! İşində ol! Mozalan “Molla Nəsrəddin”, 6 rəməzan, 1339 (15 may 1921), №8 * * * Dövlətli xanımlar Şəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”. Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin. Yenə təqvimə baxdı gördü ki, ağayi-Hacı Nəcmüd-dövlə fərmayiş edir ki, bayram axşamı həna qoymaqdan savayı heç bir işə iqdam eləmək rəva deyil. Labud nə naçar qalıb, xanım həzrətləri məşğul oldu paxlavaları bişirməyə və bizə də göndərmişdi; Allah sizə də qismət eləsin. Amma paxlavaları yedim yatdım, yuxuda gördüm ki, bir neçə il bundan əqdəm Təbrizdə cəmiyyəti-xeyriyyə üçün bir mötəbər və xeyli dövlətmənd haçı cənabları, bilmirəm dəli-divanə imiş nə imiş, ya məcburiyyət üz vermiş imiş, – xülasə, mərhum alicənab cəmiyyəti-xeyriyyəyə öz ali imarətlərinin birini yalandan ehsan eləmiş imiş. Xülasə, nə başıvı ağrıdım, bir gün.. . Hərdəmxəyal “Molla Nəsrəddin” 6 rəməzan, 1339 (15 may 1921), №8 * * * Təbiət Qırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. . Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar. Axşam ki oldu, qarınlar ki doydu, çamaat tökülür küçə və bazara və dəxi sübhə təki yatmağa macal tapmır: qonaqlıq, qumar, eyşü işrət, kef, sazanda və nəvazəndə və qisim-qisim lotuluqlar: mütrüb, fahişə, bəzi-bəzi bazlıqlar!.. Budur, mahi-mübarək rəməzan! Budur, Allaha ibadət! Sözüm orasındadır ki, bu qırx beş ilin müddətində rəməzan işlərimiz bir zərrəcə də təğyir tapmayıb və dünyada həmin əhval, təbiətə müxalif bir əhvaldır. Zira ki, dünya yaranandan bugünədək heç bir saniyə keçməyib ki, dünyada bir dəyişiklik olmasın. Dünyada bir şey yoxdur ki, bir dəqiqə və bir saniyənin ərzində baqi qalsın. Lakin müvəqqəti zindəganlığın bir müvəqqəti fövtü var ki, arteriyalarda qan müncəmid olur və nəfəs kəsilir, necə ki su donanda suyun dirilik həşəratı candan düşür. Buna bizim türk dilində “ölüm” deyirlər. Bir əhval ki, qırx beş ilin müddətində müncəmid olub təğyir tapmaya, – o əhvalın zindəganlıq mikrobları da nəfəsdən düşmüş olacaqlar. Bunun adı ölümdür. İntihası bir ölüm var ki, orada yas qurub ağlarlar, bir ölüm də var ki, çamaat iştibah edib yas əvəzinə doluşar küçələrə və axşamdansəhərəcən dəli və divanə kimi zurna-qaval çalar. Mənə qalırsa, ağlamağa bəhanə dəxi də artıqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 rəməzan, 1339 (15 may 1921), №8 * * * Molla Nəsrəddin Bu günlərdə bir böyük əngələ düşdüm. Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi. Bir gün bacımın ərindən bir məktub aldım; yazılmışdı ki, Pəricahanın uşağı oldu. Mən lap çaşdım; çünki bir tərəfdən xəyalım bacımın doğmağına getdi, bir tərəfdən də elə xəyalıma gəldi ki, bəlkə biçarə naxoş uşaq ölübdür (naxoş uşağın adı Movlamverdi idi). Bütün günü kağızı dəli kimi o mirzəyə göstərdim, bu mollaya göstərdim; biri oxuyur deyir ki, bacın doğmuş olacaq; biri deyir ki, azarlı uşaq ölmüş olacaq. Labüd qaldım ki, tel vurub işin həqiqətini öyrənəm; Allah rast saldı ki, teleqraf rusca yazılmışdı; yoxsa ərəb hürufatı ilə mətləb açılmayacaq idi. Cavab gəldi ki, bacımın bir uşağı oldu. Amma Allah rast saldı ki, teleqraf rus dilində gəldi. Yoxsa bizim ərəb hürufatı ilə gəlsə idi, bilməyəcəkdik ki, uşaq olub, ya ölüb. Mığmığa “Yeni yol”, 28 sentyabr 1922, №2 * * * Çarə lazım! Millətimiz savadsızdır. Çarə lazım! Dünyada dəxi qeyri bir vəhşi xəyalıma gətirə bilmirəm ki, bizim kimi, vəhşi olsun. Çarə lazım! Yazımız yox, oxumağımız yox, mətbuatımız yox. Çarə lazım! Və ətrafımızı sağdan və soldan bürüyən cəmi millətlərin mədəniyyəti bizi mürur ilə basıb, sıxıb xırdalatmaqdadır. * * * Ən qabaq biz gərək bu həqiqətləri təsdiq edək və inanaq, əgər inansaq bu özü yenə bir işdir. Gərək biz buna qayil olaq ki, biz maarifcə heç bir şeyin sahibi deyilik: gərək inanaq ki, bizlərdə savadın, maarifin şöhrəti və hörməti yoxdur. Avstriyanın, Almaniyanın, Firəngistanın, İngiltərənin bir qəsəbəsində olan kitabların sayınca cəmi İran məmləkətində kitab yoxdur. Saydığım məmləkətlərin tək bircə qəsəbəsində dərs oxuyan minlərcə şagirdlərin miqdarınca bizim Azərbaycanda əli qələm tutan müsəlman qardaş tapılmaz. Nədir bunun səbəbi? Səbəb budur ki, bizlərdə savad mod deyil. Mədrəsə və kitaba şövq və həvəs yoxdur. Millət bilmərrə özündən əl çəkib. Və bunun da yenə səbəbləri var. Bə hər hal çarə lazım. * * * Bəs, nə etməli? Lazımdır yamsılamaq. Lazımdır təqlid etmək o millətlərə ki, maarif və mədəniyyətcə bizdən çox qabağa keçiblər. Lazımdır onlar əxz etdikləri maarif və mədəniyyət yollarını tutub getmək, lazımdır onları qana-qana təqlid etmək, çün bundan savayı bizim üçün qeyri bir çıxacaq, qeyri bir nicat yolu nəzərə gəlmir. Biz onsuz da məişətin cürbəcür əmrlərində onlara möhtacız. Gündə yediyimiz çörəyin və içdiyimiz suyun xasiyyətini onların məharətli professorlarından öyrənirik. Vətənimizdə hürufat karxanası və karxana qurmaq istəsək onların elminə qayil olacayıq. Əzizlərimizin əksini kağıza götürəndə yenə onların hünərinə və məharətinə pəh-pəh söyləyirik. Yazmaq və oxumaq səliqəsinə gəldikdə heç təəccüb yeri yoxdur ki, axtarıb görək onlar nə tövr yazırlar və oxuyurlar. Aşkardır ki, dünyanın bu tərəfindən o tərəfinə hava ilə danışanlar və göydə quş kimi uçanlar yazıb oxumaq fənnində gərək bir qüsur qoymamış olalar. İşləri bu halda gördükdə bizim iki eşşəyin arpasını bölmüyənlərimiz bilmirəm hələ nə danışırlar. Sözün müxtəsəri: iki şeyin biridir. Ya mədəni millətlərin məqamına özümüzü yetirmək niyyətindən bilmərrə əl çəkək, ya onlar əxz etdiyi maarif və təməddün vəsilələrindən onlardan təlim alaq. Məlumdur ki, haman ən birincisi yazıb-oxumaq dəsgahıdır. Tərəqqi və təməddünün yolu birdir. Əgər özgə yolları tutub getsək, həmi nahaq zəhmətlərə düşəcəyik, həmi bir şeyin sahibi olmayacayıq. “Yeni yol”, 28 sentyabr 1922, №2 * * * Teatr işlərimiz Divara yapışılar teatr elanlarına baxanda elə nəzərə gəlir ki, Bakı şəhərində guya heç müsəlman camaatı yoxdur. Söz yox, biz bunu bilirik və eşitmişik ki, yay fəsli bir para maarif müəssisələri tətil edərlər ki, ibarət olsun mədrəsələrdən və teatrolardan, amma əcaba, əgər qeyri millətlər üçün yay-qış yoxdur? Əvvəla, necə olub yay səhnələri ki, orada qonşu millətlər kimi biz də teatr nümayişləri verə bilərik və saniyən biz qonşularımızdan nə dərəcədə nazik və lətifik ki, onlar istiyə-soyuğa baxmayıb, bir gün, bir gecə olmur ki, camaatı teatr kimi bir nemətdən məhrum qoysunlar. Hanı bizim teatr müdirlərimiz? Haradadırlar camaatın istəkli rejissor və artistləri? Necə olublar Abbas [Mirzə] Şərifovumuz, Mirzağa Əliyevlərimiz, Sarağblılarımız, Hacağa Abbasov və Sidqilərimiz? Niyə bunlar teatr məclislərimizi zinətləndirməkdən, yığıncaqlarımızı qızışdırmaqdan və gözəl nümayişlər ilə camaatımızı feyzyab etməkdən uzaq durublar? Burada biz bir şeyə darıxırıq: qulağımıza çatan danışıqlardan belə anlaşılır ki, teatr işlərimizin idarəsinin əsası pozğun bir haldadır, belə ki, cəmi artistlərimiz yoldaşları ilə bərabər teatr baş idarəsindən lazımi himayə görməyib, xeyli məyusdular. Bə hər hal teatr işlərinə mənsub olanlar bilməlidirlər ki, Bakı kimi bir müsəlman şəhərində teatr işlərimizin belə bir fəna surətdə olmağa baisləri üçün bir ağır töhmət qazanacaqdır. “Yeni yol”, 28 sentyabr 1922, №2 * * * Cəfəngiyat təmizlik Bakı şəhəri keçən il indikindən də təmiz idi. Bildir küçələrdə zir-zibil qarışmışdı it-pişik ölçüsünə, divarların dibi elə biabır idi ki, evə qayıdıb gələndə gərək ayaqlarına qüsl eliyəydin. Bu halda bildir vəba azarı düşdü. Elə ki, azar başladı şiddət eləməyə, mən elə xəyal elədim ki, indi daha şəhəri təmizləyəcəklər, amma bunun əvəzində bir də gördüm ki, haman nəcisli küçələrin zibillərinin üstə bu məzmunda bir yazı yazıb yapışdırıblar: “Çistota vraq zarazı”, yəni təmizlik azarın düşmənidir. Hər kəs gəlib oxuyurdu, keçirdi. Doğrudan da bu yazının çox xeyri oldu; çünki vəba azarı başladı azalmağa və axırda da lap qurtardı. Bir fikirləş, gör bu yazının hikməti nə dərəcədəydi ki, küçələr üfunətli ola-ola, yenə azar rədd oldu getdi və bir də daha zir-zibilləri yığışdırmaq lazım olmadı. Və indi də haman səbəbdəndi ki, bildirki zir-zibilə hələ əl vurulmayıb və heç lazım da deyil; çünki bir də vəbadan zaddan gəlsə, (yenə taun da gələ bilər), bir parça kağızdı, yazıb yapışdırarıq divarlara, azar-bezar öz-özünə qaçıb gedər. Onun üçün indi küçələrdən keçəndə adamın başı çatdıyır, adamın ürəyi qalxır. Cəfəng “Yeni yol”, 28 oktyabr 1922, №6 * * * Möhkəm iplər İyirmi ildən artıqdır ki, biz Azərbaycan türkləri mədəniyyət bağının yolunu tapıb, bu yolun piyadaları olmuşuq. Mədəniyyət bağının çiçəklərinin kefləndirici ətirləri, canverici havası, bulaqlarının təmiz və sərin sularının şorultusu, bülbüllərinin gözəl oxumaları bizləri çəkir, yürüdür, amma biz yürüyə bilmirik; o gözəl bağa tez yetişib, faydalanmağa və rahat olmağa ürəyimiz nə qədər tələsiyirsə, addımlarımızı tez-tez ata bilmirik. Nə qədər yıxılırıq, qalxırıq, atılırıq-düşürük və irəliləyiriksə, yenə görürük ki, yolun ondan bir payını ölçə bilməmişik, görürük ki, bağ hələ çox uzaqdadır. Doğrudan da bu iyirmi ilin içərisində biz nələr yapmadıq? Cəmiyyətlər düzəltdik, məktəblər açdıq, çapxanalar alıb işlətdik, kitablar çıxardıq, şairlər yetirdik, qəzetlər, jurnallar verdik, mərəkələr (mitinq) qurduq, nitqlər söylədik, idarələri və məktəbləri milliləşdirdik.. . Milləti mədəniyyət bağına yaxınlaşdıran addımların hamısını atdıq və yenə atmaqdayıq.. . Amma çəkdiyimiz bu qədər zəhmətlər və xərclər ilə ölçdüyümüz yolu və irəlilədiyimiz yeri tutuşduranda görürük ki, zəhmət və xərc yüzdür, atdığımız addımlar bir ya ikidən artıq deyil. Biz görürük ki, bizdə çırpınmaq, dartınmaq və hərəkət var, amma işdə bərəkət yoxdur. İrəliləmək işinin belə olmağı səbəbsiz deyil; bunun böyük səbəbi var; o səbəb budur ki, bizim ayaqlarımız iki möhkəm iplərə bağlanıb; biz ayaqlarımızı irəliyə atdıqca, o iplər geriyə çəkir. İplərin birisi ərəb əlifbasıdır ki, öz çətinliyi və dilimizə yaramazlığı ilə oxuyub yazmağı öyrənmək istəyənlərin saylarını artırmağa mane olur. O birisi də yuxarıda saydığımız nitqlər və yazıların hamısının türk dilində (Azərbaycan dilində) olmayıb ərəb, fars və rus dillərində söylənmələridir. Bu iplər çox möhkəm, ağır və sıxıcıdır.. . Bunlar bizi mədəniyyət bağına çatıb, onun şirin və dadlı meyvələri ilə faydalanmağa qoymurlar və qoymayacaqlar.. . Bunları ayaqlarımızdan açıb atmalıyıq, bu yolda var qüvvə ilə çalışmalıyıq.. . Yoxsa o bağın içinə girə bilməyəcəyimiz şübhəsizdir. “Yeni yol” qəzeti, 21 oktyabr 1922, №5 * * * Kürk Məşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər. Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi. Mən çox istəyirdim qonşumun dilxorluğunun səbəbini biləm, onunçün bir az da dayandım və soruşdum; dedim: Məşədi, səni bikef görürəm! Kişi başını qalxızıb, cavab verdi: – Allah öz birliyi xatirinə, bu bədbəxt qardaşımı mənim əlimdən alsın! Dedim: – Kişi, hövsələni ye bədduva eləmə. De görüm neyləyib qardaşın? Dedi: – Daha bundan artıq neyləyəcək? O Allahın lənətinə gəlmişə gör mən nə yazmışam, o mənə nə göndərib? (bu sözləri deyəndə, əlini uzatdı kürək arabalarına). Dedim: – Sən nə yazmışdın? Dedi: – Mən ona yazmışdım, qardaş, indi qış yaxınlaşır, Daş – Qalada yaxşı, ucuz kürklər olur; ucuz ala bilsən, yaxşı mənfəət edərik; nə qədər pulun olsa al, qızırqanma; Hacı Qurbannan da iki yüz tümən göndərdim. Ay molla əmi, indi gör, o məlun nə alıb göndərib: min dörd yüz kürək alıb göndərib. Özü də bilirsən, birini neçəyə alıb? Birini iki qrana alıb. Amma bu saat Təbrizdə bir qrana nə qədər istəsən, mən sənə alım. Zalım oğlu, zalım, yəqin ki, mənim kağızımda “kürk” sözünü, “kürək” oxuyub. Ax, bir aləm mənə ziyan vurdu. Molla Nəsrəddin “Yeni yol”, 18 oktyabr 1922, №6 * * * Cəfəngiyat Mənim bir xərəngə yoldaşım bu gün üç dəfə göz elədi. Birinci dəfə vağzaldan bir tanışımız gəlirdi. Soruşdum – hardan gəlirsən? Dedi: – Gəncədən. Soruşdum – nə var, nə yox? Dedi – sağlığınız. Bir şey yoxdur, amma təzə xəbər budur ki, indi dəxi dəmiryol qulluqçuları rüşvət almırlar. Yoldaşım göz elədi. * * * İkinci dəfə: Nikolayevski küçə ilə bir zınqırovlu madam gedirdi, yanaqları tir-tir titrəyirdi, dodaqlarını elə möhkəm qızartmışdı ki, hinduşka xoruzunun saqqalından qırmızı idi. Yoldaşım göz elədi. * * * Üçüncü dəfə: İstəyirdik qayıdaq evimizə, azfilan idarəsindən bir cavan çıxdı rastımıza, soruşduq – nə var, nə yox? Dedi: – bir şey yoxdur, ancaq idarə qulluqçularının on yeddi ay bu gün–sabaha düşən məvacibləri sabah veriləcək. Yoldaşım göz elədi. Cəfəng “Yeni yol”, 7 oktyabr 1922, №3 * * * Şura O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır. Şura üsul-idarəsi! Şükür eləyirəm vicdanıma ki, ölmədim və arzu etdiklərimə çatdım. Şura üsul idarəsi, məsləhət və məşvərət üsul hakimiyyəti –budur sitayiş etdiyimiz yol, budur təqlid etdigimiz məslək, budur etiqadımız. Etiqadımız bunadır ki, vətən və məmləkət orada yaşayan əfradının hamısınındır. Pəs, vətənin və məmləkətin idarəsinin təəllüqi həman əfradadır. Bunlardır tək bircə hakimlər, bunlardır ancaq padşahlar və məmləkət bunların məhz bunların məsləhəti və məşvərəti, bunların şurası ilə idarə olunacaq. Pəs, şura, şura budur. Budur mənanın təfsiri.. . Amma.. . * * * Bunu bir müxtəsərcə ərz edim ki, keçən yaz fəsli kənddə idim və məlumdur ki, insan bir ovqat şəhərdən kənar düşəndə bir növ yadırğayır, bir para mənaları zehnindən çıxardır. Ələlxüsus ki. mənim kimi – bir az ki, adam qocalır, bildiyini başlayır mürür ilə itirməyə. Odur ki, şura istilahının mənası zehnimdən bilmərrə çıxıb getmişdi ki, Allah rast saldı, vağzalların birində Bakıdan gələn maşın dayandı və mənə dedilər ki, bu vaqonda Bakıdan şura vəkilləri qayıdıb gəlirlər. Aha, haman saat xəyalıma gəldi ki, ey dili-qafil, gir bunların yanına, həman sözün mənasını bunlardan soruş sana bəyan etsinlər. Bəli, girdim, gördüm-bir neçə əşxas, bir neçəsi kəndli, bir neçəsi şəhərli, bir neçəsi əmələ, oturub-xiyar yeyürlər. – Əssəlamun əleykum, ay əleykəssəlam, Molla Nəsrəddin əmi, buyur əyləş, xiyar tənavül eylə. – Xeyr, nuşi-can olsun, ancaq rica edirəm bircə bunu fərmayeş buyurun görək, deyir siz Bakuya şuraya getmişdiniz. – Bəli, Molla əmi, getmişdik. – Xub, nə var, nə yox? – Nə olacaq, sağlığın. – Xub, orada deyirlər siz şura etdiniz. – Bəli, Molla əmi, şura etdik. – Xub, pəs, orada dəxi nəyə məşğul idiniz? – Molla əmi, ərz olsun ki, orada biz bir neçə gün avtomobilə mindik, gəzdik, sonra da hərəmiz başımıza buxara dərisindən bir tazə pa-paq qoyduq gəldik. Doğrudur, Molla əmi, biz Bakıda şura etdik, ki, aya pəs, biz orada danışılan sözləri niyə anlamadıq. – Bəli, indi başa düşdüm, xudahafiz. – Xudahafiz. * * * Pəs, ey mənim əzizim, həman şuranın mənası budur ki, bir neçə millət vəkili vaqonda oturub öz aralarında şura edirlər ki, aya onlar hara getmişdilər, haradan gəlirlər və nədən ötrü getmişdilər və orada danışılandan nə anlayublar. Vəssalam!.. . Şura, şura – budur, ey mənim əzizim. “Molla Nəsrəddin”, 2 noyabr 1922 №1, 1341, 11 Rəbbül-əvvəl * * * Yaxın Şərq məsələsi Leyfild, 24 oktyabr. Təzə rəisül–vüzəra Bonar–Lou kralın dediyinə müşərrəf olub ona izhar etdi ki, təzə kabinənin təşkilini öhdəsinə götürür. Bu yavuq vaxtda Bonar–Lou öz deklarasını bəyan etməyə hazırlaşmaqdadır. Hərçənd piş əz vəqt deklarasiyanın məzmunundan xəbərdar olan yoxdur; amma hökumətin təzə rəisi Kamal paşanın müzəffəriyyətinin əsbabı barəsində xüsusi məclislərdə öz məhrəmlərinə elə bir nəzəriyyat meydana qoyur ki, bu vaxtadək Yevropanın politikaşünaslarından belə bir işarələr indiyədək olunmayıb. Söhbət İranın türklərə bu müharibədə nə münasibətdə olmağı barəsindədir. Bonar–Lou belə demiş: – Heç kəs İranın Şərq məsələsində oynadığı rolu səhl saymasın (rol dedim, müsəlman artistlərimizin rollarını öyrənməkləri yadıma düşdü). Bəli, doğrudur, bəziləri Mustafa Kamalın az bir müddətdə, az bir qoşunla yunanları qovalamağını Şura hökumətlərinin maddi və mənəvi köməkliklərinə isnad verməyə maildirlər. Amma iranlılardan türklərə yetişən yardım fövqəladə bir miqdarda hesab olunur ki, bəhər hal Şura hökumətləri istəsəydilər də, belə bir köməkliyi qüvvədən felə gətirə bilməzdilər. Bonar–Lounun Şərqdən aldığı məlumata görə, savayı ondan ki, iyul ayının 21-də Tehrandan Anqaraya 91 min tüfəng və 65 min pulemyot göndərilib, Təbrizdən tək bircə Hacı Mircəfər İsfahani Mustafa Kamal paşaya haman ayın 24–də 91 min qızıl lirə göndərib. Hətta belə güman etmək olar ki, qeyri dövlətmənd tacirlər (Hacı Əli ağa Kompani və Hacı Fərəc ağanı da söyləyirlər) Təbrizdən türklərə göndərdikləri neçə–neçə dəvə yükü qızıl pullardan savayı, Mustafa Kamal paşaya İranın şahsevən çetələri elə bir qüvvət verdilər ki, dəxi türklərin qalib gəlmələri çox qabaqlardan təmin olunmuşdu. Məsələn, şahsevənlərin otuz tayfasının hər birisi dörd min beş yüz silahlı, atlı qoşunu Anqaraya göndərmişdi. Və onun üçün də Qaradağda Hacıxocalı və Qocabəylilər qoşunlara paltar təhiyyə etmək məqsədi ilə yay fəsli Arazdan Qarabağ və Qaryagin və Ağcabədi tərəfinə keçib, Minaxorlu kəndlilərinin tuman–köynəklərini də soyundurub aparmışdılar. * * * İdarədən: Həmin bəyanatda izhar olunan nəzəriyyatı biz Təbrizdə gördüklərimizə binaən tamamən təsdiq edirik. Bir gün bir müsəlmanı acanlar çəkə – çəkə aparırdılar nəzmiyyəyə. Soruşdum: – Nədir onun günahı? Dedilər: – Onun cibindən türkcə yazılmış bir kitab çıxıb ki, özü də İstambulda çap olunub. Elə mənim o vədə xəyalıma gəldi ki, təbrizlilərin bir paralarına milli dezinfeksiya lazımdır. Dəli “Molla Nəsrəddin”, 2 noyabr 1922, №1 * * * Hədər İnqilabdan sonra Azərbaycanda, Türküstanda, Tatarıstanda və Gürcüstan ilə Ermənistanın bəzi şəhərlərində müsəlman kəndlilərinin oxumağı üçün çox-çox qəzet və jurnallar çıxmaqdadır. Bu qəzet və jurnalların cəmini nəzərə alanda və onlara diqqət edəndə, baxıb görürük ki, bu cəridələri çıxardanlar, bu işə xərc və səy qoyanlar bunu heç bilmək istəmirlər ki, aya bu qəzetləri oxuyan var, ya yoxdur. Biz bunu cürətlə və açıq-açığına deyirik ki, o cəridələrin hamısı nahaq yerə yazılıb, çölə buraxılır; çünki onları nə bir kəndli oxuya bilər, nə şəhərli oxuya bilər. Bu işi belə səhl saymaq olmaz: məlumdur ki, ərəb hərflərilə yazılan cəridələri onsuz da oxumaq çətin bir məsələdir. Məlumdur ki, köhnə yazılarımızı oxuyub qanmaq üçün böyük elm və təcrübə lazımdır, amma əcəba savadı az olan kənd camaatına necə mümkündür o cızma-qaraları sövqat göndərmək. Məgər o kağızlar göbələk kimi yerdən göyərirlər? Heyif deyilmi minlərcə əmələ və mürəttiblərin zəhmətləri? Nümunə üçün götürək İrəvanda çıxan “Rəncbər” qəzetinin 6-cı nömrəsini. Nədir bu? Kim bunu oxuya biləcək? İnsafdırmı bir böyük vərəqə kağızı cızma-qaralayıb, adını qəzet qoyub kəndlinin əlinə vermək? Məgər qəzetin müdiri o qədər savadsızdır ki, qəzetin bu qədər qələt-qülətini görmür? Hansı kəndli bu “soğan kərdisindən” bir mətləb çıxarda biləcək? Xülasə, söz birdir və həqiqət birdir. Əgər istəyirsən ki, insanlar kimi yazı yazıb, yazılanı oxuya biləsən, gərək geci-tezi çürük ərəb hərflərindən bilmərrə əl götürəsən. Bundan başqa biz bir yol bilmirik. “Yeni yol”, 4 noyabr 1922, №7 * * * Qanı istilər Naxçıvanda bir dəli Molla Abbas var idi. Uşaqlar başına doluşub hoydu–hoyduya götürəndə Molla Abbas camaata üzünü tutardı və belə deyərdi: – Ay camaat, vallah mən dəli deyiləm, bu uşaqlar məni dəli eləyirlər. İndi də bu çəyirtkə məni lap dəli eləyəcək. Qəribə burasıdır ki, yaz fəsli çəyirtkə əkinləri yeyəndə mən gördüm ki, yeyir. Mən o vədə elə xəyal eləyirdim ki, Bakıda da elə bilirlər ki, çəyirtkə əkinləri yeyir. Amma gəldim Bakıya, gördüm ki, hər kəs küçədə bir–birinə rast gəlir, gözaydınlığı verir ki, çəyirtkə təşkilatı çəyirtkəni qırdı. Hətta məlum oldu ki, neçə–neçə adamlar hökumət xəzinəsindən çox–çox ənam alıblar. Öz–özümə fikir elədim ki, xub, bu ki bir yaxşı şeydir, get sən də min maşına, Yevlax vağzalında bir stəkan çay iç, min avtomobilə, get yavuq kəndlərin birində bir az qatıq–qaymaq ye, qayıt gəl Bakıya və adını qoy çəyirtkəni qırıb qurtaran. Bunu oxuyandan sonra getdim çəyirtkə ümuratının baş idarəsinə və dedim ki, o çəyirtkə milyardlarından mənə də veriniz. Dedilər: – Nə səbəbə? Dedim: – O səbəbə ki, mən çəyirtkə qırmışam. Məni dəli hesab eləyib qovladılar küçəyə. Sonra öz-özümə deyirdim ki, ay balam, kim bilir, bəlkə elə doğrudan bunlar çəyirtkəni doğrudan da qırıblar (amma bilirdim ki, qırmayıblar ha!). Bəli, bu da belə keçdi – mən də getdim işimə. Aha, bir gün “Baki[nski] raboçi” qəzetini açdım gördüm ki, yazılıb: “camaatın hər nə qədər ki, əkinləri var idi, yüzdə altmış hissəsini çəyirtkə yeyib puça çıxardıb”. Bunu oxuyandan sonra yenə dedim bəlkə yalan yazır; çünki o qədər milyardlar ki, xərc qoyulub, ola bilməz ki, çəyirtkə cürət eləyə, bir də əkinləri yeyə. Yenə bu söhbəti yadımdan çıxartdım. Amma indi işin həqiqəti yavaş–yavaş çıxır üzə. İndi də Mirzəbekyans gedib mahalları gəzəndən sonra haman “Baki[nski] raboçi”nin 238-ci nömrəsində belə yazır: “Kəndlilər yalvarırlar ki, Allah xatirinə o çəyirtkə məmurlarına zəhmət verib bura göndərməyin; biz özümüz onlarsız çəyirtkənin öhdəsindən gələrik”. İndi işlər lap dolaşıb bir–birinə. Bir tərəfdən hökumət çəyirtkə işinə hədsiz pullar buraxıb, indi, bəs, bu pullar necə olsun? Puldan da, vallah, keçmək olmaz. Bu çəyirtkə pulları da elə şirin olur ki, keçən il bir neçə xainlər elə yekə dürmək tutdular ki, pullar qaldı boğazlarında. Onları lazım gəldi göndərmək Bakı həbsxanasının müalicəxanasına. Elə indi bu saat ağalar orada gündə konyak içirlər (And olsun Allaha yalan demirəm). Bəli, bir tərəfdən bu zəhrimar pullar, bir tərəfdən də yenə dişləri şirəyə batan “köhnə çəyirtkəçi” haman qəzetin 248–ci nömrəsində yazır ki, bəli, maşallah çəyirtkə işlərini yenə tapşırdılar torpaq komissarlığının qanı soyuq heyətinə. İnşallah, Allah bədnəzərdən saxlasa, çəyirtkəni həqiqət birdən qırıb qurtararlar. Əgər qırmasalar da, heç eybi yoxdu; axırda lap təngə gəlib yenə işləri pırtdaşdırandan sonra deyəcəklər: – Bizim onsuz da rəiyyət yolunda o qədər zəhmətimiz var ki, işləməkdən təngə-zara gəlmişik. Çəyirtgəni verək başqa idarəyə. Doğrudan da yazıq çəyirtgənin halına. Dəli “Molla Nəsrəddin”, 9 noyabr 1922, №2 * * * Rəndə Bəli, qızlarımızın da oxumağı getdi işinə. Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar. Bir paraları bu məsələni belə meydana qoyurdular ki, axır vaxt mahallarda dərs oxumaq bilmərrə moddan düşüb; çünki məktəb otaqlarının hər bir şeyi sazdır, ancaq divarları yoxdur. * * * Amma indi duanın bərəkətindən dəxi işlər özgə cürdür. İndi, deyirlər, müəllimlər mahallara dağılıb, oğlan və qızlara dərs və tərbiyə verməkdədirlər. Vallah, billah, ay qardaş, niyə inanmırsan? And olsun yeri–göyü yaradana, and olsun bizləri torpaqdan yaradıb adama oxşadana... O ki, qız tərbiyəsini deyirsən, Azərbaycanda tək bircə kənd yoxdu ki, orada qızların oxumağı yada düşsün. Oğlan uşağına gəldikdə Təzəpir məhləsi yadıma düşdü. Ərbəin günləri bizə bir firəng qonağı gəlmişdi. Axşam vaxtı çıxdıq müsəlman məhləsinə gəzməyə. Küçələrdə uşaq əlindən gəzmək olmurdu. Bunların biri bir damın üstünə çıxıb şeypur çalırdı. Küçələrdə yeddi–səkkiz yaşında uşaqlar dəstələr tutub yalandan şaxsey gedirdilər. Şeypurun nərəsi uşaqları dəxi ilhama gətirib, qızışdırırdı (çoxu da keçəl idi). Küçə ilə keçməyə yol tapmadıq. Firəng qonağım dedi: – Bağışlayınız, sizin millət hələ rəndələnməyib. Dedim : – Ay mənim əziz qonağım, sən rəndə deyirsən, mən hələ deyirəm ki, heç düyün – müyünü də alınmayıb; heç kobuddanmayıbdı da. “Ərbəin” dedim, təziyə yada düşdü. Bəlkə də elə həqiqətdə məhərrəmül–həram ayında müsəlman küçələrində qopan vəlvəleyi–səqfi–asimani görən həqiqi qəlblər həqiqi təziyə ilə dolu olmalıdır. Kim bilir?.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 noyabr 1922, №2 * * * Ağ çörək və kərə yağ Al gəldi, Mozalan qardaş, sən ac fəhlə sözü danışırsan, amma qulaq ver gör mən nə deyirəm: “Baki[nski] raboçi” qəzeti yazır ki, bir gün ağaların biri mədənlərə gedəcək imiş ki, fəhlələrə nəsihət eləsin. Xülasə, camaat cəm olur, gözləyir, gözləyir, gözləyir, gözləyir, ağa gəlmir. Axırda fəhlələr başlayırlar əsnəməyə və istəyirlər dağılalar. Birdən telefon zəng çalır: – Hı, kimsən? – Hə, mənəm, fəhlələrin vaiziyəm. Amma bu gün gələ bilmədim, çünki aftomobilim yoxdur, vağon ilə də gələ bilmənəm; çünki vağonda istirahət edə bilmənəm. Amma aftomobildə gələndə yanıma ağ çörək, kərə, rediska və konyak qoyuram ki, yolda zakuska eləyim. * * * Bəli, dağıldılar ki, sabah yığışsınlar. Amma qorxuram inanmayasan. Sabahısı günü də ağa gəlib çıxmadı; çünki aftomobil yenə gəlməmişdi. Balaxana vağonlarına da minməli deyil, çünki orada qara camaat içində yeyib–içmək olmur; acmac doluşub, adamın ağzına baxırlar. Al gəldi, Mozalan yoldaş, sən qara çörəkdən dəm vurursan, amma sənə deyirəm ki, mən aftomobil minəndə yanıma ağ çörək, kərə, rediska və konyak qoyuram ki, yolda zakuska eləyim. Dəli “Molla Nəsrəddin”, 19 noyabr 1922, №3 * * * İnqilab lazım “Dostumuz Məmmədəlini əbəs yerə özümüzdən kəmiltifat edib İrandan qovduq. Nə oldu nəticəsi: bir dılğır parlaman. Bunan bir şey olmayacaq, yenə inqilab lazım”. O vədə mən xam idim. O vədə qanuni–əsasi nədən ibarət imiş: bundan ibarət imiş ki, şəriətmədarlar millət vəkillərinin içində tərzi əvvəlki məkanını tutsunlar. Bu olmadı. Belə qanuni–əsasının üstə cızıq çəkməli. İranı gəzdim və gördüyümü gördüm, bildiyimi bildim. Yada salıram məhərrəmül–həram busatlarını, yada salıram rəməzanəl–mübarək calalını, yada salıram şahənşahlar tacgüzarlığını, nəzərə gətirirəm cəhalətdən törəyən qisim–qisim vəhşilik və bədbəxtlikləri və yenə deyirəm: bu olmadı, inqilab lazım. Zülmət çox dərindir. Qaranlıq nəhayət qalındır. Burada çox-çox tüfəng lazım. Bilmirəm barıt atəşimi, bilmirəm maarif topumu, bilmirəm mədəniyyət təkamülü, ya dinamit inqilabı, ya bəlkə ikisi də lazım, – bəhərhal inqilab lazım. Və bu mətləbin bizə artıq dəfə–təsərrüfi var. Zira ki, bütün Şərqin qara buludları bizim də müsəlmanların mədəniyyət və maarif göyünün qabağını tutur, bura da oranın parçası mənziləsindədir. Pəs hər iki babətdən biz səbirsizlik ilə İran inqilabına müntəzir olaq, gərək və bu hal nə qədər ki, davam edir, ümidvar ola bilməyəcəyik ki, tez bir vaxtda fikirlər işıqlana, mövhumat dağıla və biçarə millət üz qoya nicat yolunu axtarıb tapmağa. Söhbətimi qurtarıram və İranda qoyub gəldiyim cəmi azadixah və şuratələb yoldaşlarımı və dostlarımı yada salıb, onlara səmimi qəlbdən salamımı təqdim edirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 noyabr 1922, №3 * * * Yer yoxdur Mən ölüm diqqətnən oxu Tiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya. Həmin bu hökumət bir neçə əlahiddə ştatlardan təşkil tapıb; necə ki, məsələn, Amerika cümhuriyyəti. Bu balaca ştatlar ibarətdirlər ayrı–ayrı poyezdlərdən: poçtavoy poyezd, skori poyezd, tavarni poyezd, neft poyezdi, qoşun poyezdi, təmirat poyezdi, ekspres, azarlı poyezdi və qeyriləri. Hər bir ştat özlüyündə bir müstəqil hökumətdir. Bu hökumətlərin baş vəziri “naçalnik poyezda” və qeyri vəzirlərin adı kanduktorlardır. Bu hökumətlərin də heç biri o birisinə tabe deyil. Bu müttəfiq dəmir yol hökumətinin torpağının məsafəsi Tiflisdən Bakıya kimi 726 verst və eni 352 sacındır. Bu torpağın heç bir özgə hökumətə təəllüqü yoxdur, savayı Tiflis–Bakı müttəfiq dəmir yol hökumətlərindən. Həmin müttəfiq dəmir yol hökumətinin nüfuzu ancaq on mindən iyirmi minə kimidir ki, ibarət olsun Tiflisdən Bakıya gələn miniklərdən. Demək hökumətin təbəələri məhz bunlardır. Maşınlar Tiflisdən Bakıya tərəf çıxan vaxt yol uzunu kiçik və böyük stansiyalarda baş vəzirdən teleqraf göndərilir ki, bu üzdə də yer yoxdur; yəni heç kəsə bilet satılmasın. Yəni dəmir yol müttəfiq cümhuriyyəti, məlumdur öz miniklərindən savayı digər bir hökumət təbəələri ilə əlaqədə olmaq istəmir (çünki aralarında bir müəyyən müahidə yoxdur). Bəli stansiyalarda, yəni, məsələn, Gəncədə, Yevlaxda, Kürdəmirdə, Hacıqabulda, xülasə, stansiyaların hər birində ki, belə teleqraf alındı, dəxi maşın gözləyən camaata bilet satılmır; çünki Tiflisdən teleqraf çıxıb ki, yer yoxdur. Doğrudur, gahdan bir belə olur ki, üsyançı və nadinclər tərəfindən danışıq başlanır ki, baba, bu nə sözdü, iki gündür gözləyirik, necə yanı yer yoxdur? Nə səbəbə? Tiflisdə yerlərin hamısını tuturlar; nə səbəbə Ağstafada ya Gəncədə ya Yevlaxda ayrı vaqon qoşmurlar? Müxtəsər, belə–belə mərdüməzar sözlər hərçənd eşidilir, amma bir nəticə bağışlamır. Elə ki poyezd gəlib dayanır, üsyançılar şeylərini dallarına alıb qaçırlar maşının yanına (biletləri kassanın dal qapısından xəlvətcə və baha qiymətlə alıblar). Poyezdən bir cavan oğlan atılıb düşür səkiyə və deyir: – Yer yoxdur. Hərçənd hər stansiyada maşından düşən, minən də olur; yəni məlum olur ki, boş yer gərək olsun. Amma naçalnik vaqonun qapısını açarla bağlayıb, yenə də deyir: – Yer yoxdur. Nə stansiya naçalniki bu işə qarışır, nə haman stansiyanın ispalkomu, nə milis naçalniki; heç kəsin ixtiyarı yoxdur maşının içinə girə və yerlərin olmağını və ya olmamağını təhqiq eləyə. O səbəbə ki, dəmir yol müttəfiq cümhuriyyəti bir müstəqil hökumətdir ki, beynəlmiləl rüşvətxorların “liğası” tərəfindən təsdiq olunubdur. Yer yoxdur. Yer yoxdur o səbəbə ki, vaqonlar Tiflisdən dolu gəlirlər. Kimdir Tiflis minikləri? Ticarət spekulyantları, millət spekulyantları. Biri Batumdan gəlir, biri İtaliyadan gəlir, biri Kitaydan gəlir, biri cəhənnəmdən gəlir (hamısının cibləri dolu). Amma Gəncə azarlısına yer yoxdur, Yevlax kəndlisinə yer yoxdur, Ağcaqabul mütəəlliminə yer yoxdur. Buradan bir haşiyə çıxaq. Bildir Bakıda bir idarənin qapısının üstünə qızıl suyu ilə bir yekə lövhə yapışdırmışdılar. Yazılmışdı: “İdarələri milliləşdirən komitə”. Mən bunu oxuyanda çox təəssüf elədim; yəni yazığım gəldi. Yazığım gəldi idarələrdə xidmətdə bulunan minlərcə türk dilini bilməyən millətlərə. Bir gün bu milliləşdirən üzvlərin birinə rast gəldim və dedim: – Mən ölüm çox tünd getməyək. Yazığınız gəlsin iş başında olan türk dilini bilməyənlərə. Aşnam dedi: – Ay molla, deyəsən, gülürsən? Dedim: – Sən öləsən, gülmürəm. Hə, sözüm yadımdan çıxdı. Dəmir yol müttəfiq cümhuriyyətindən danışıram (hələ onun buna nə dəxli var?). Hə, yer yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 noyabr 1922, №4 * * * Ar olsun! Ar olsun belə ümmətə! Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir. Və indi də belə oldu. Qazı cənabları noyabrın 21-də Bakı camaatına olmayan sözlər dedi. Məsələn, ey vicdansızlar, niyə oturubsunuz, niyə hərəniz əlinizə bir ağac alıb gedib müqəddəs ziyarətgahlarınızı düşmənin əlindən almırsınız və orada canınızı fəda etmirsiniz? Bir nəzər salınız Məkkəyə, Mədinəyə, Nəcəfə, Kərbəlaya və Kazimeynə ki, düşmənin nəhs ayaqları altında qalmışdır... Vaveyla! Vaveyla!!! Nitq o dərəcədə yanıqlı idi, söz o dərəcədə ötkün idi ki, mən yəqin etmişdim ki, Bakı camaatı məhərrəmlik günləri küçələri gəzən şaxsey dəstələrini götürüb hücum çəkəcək Ərəbistana ki, ziyarətgahları kafirlərin əlindən geri alsın. Amma, heyif belə olmadı. Ar olsun camaata: indiyə kimi bir nəfər Allah bəndəsi, bir nəfər mömün, bir nəfər axirət əhli çıxmadı ki, qazı cənablarının səsinə səs versin. Ar olsun! * * * Yenə Allah bərəkət versin üləmamıza; yenə şükür olsun fazillərimizə. Belə ki, bu dekabr ayının ikisində Bakı fazillərində axund Hacı Molla Məhəmmədnəbi cənabları Kərbəla səfəri təhiyyəsini görüb, ayağına bir cüt lapçin geyib, əmmaməsinin altından bir ağ dəsmal bağlayıb dalına beş-altı nəfər behişt övrəti salıb düşmüşdü Bakının küçələrinə. Müsəlman məhlələrinə səs düşmüşdü ki, ağa ziyarətə gedir. Həzrətin mübarək əllərini öpməyə növbət yox idi. Cəmi millətlər buraya tamaşaya cəm olmuşdular. * * * Ar olsun belə camaata. Əgər nəuzübillah, Hacı Molla Məhəmmədnəbi həzrətləri olmasaydı, qazı ağanın səsinə səs verən olmayacaq idi. Yenə bərəkət özümüzünkülərə; yenə bərəkət alim və fazillərə. * * * Zarafat kənarda qalsın, amma bu olmadı. Əgər bu qədər mərəkələrdən sonra, əgər bu qədər tarixi dəyişikliklərdən sonra yenə qazıların moizəsinə möhtac olacaq imişik – yazıq bizim halımıza! Biz elə güman edirdik ki, bu qədər vəlvələ və zəlzələlərdən sonra camaatımız axırda üz qoyacaq dərsə və sənətə və dəxi bikar qalmayacaq ki, ölülərin mübarək sümüklərini torbaya doldurub mübarək Ərəbistana daşımağı özünə peşə etsin. Amma belə deyil imiş; indi qazılarımız yenə yuxarı başa çıxmalı oldular. Heyif bu qədər çəkilən zəhmətlərə. Və bilə–bilə bir neçə dəfə də qazı Əbdürrəhim ağaların dini dəvətlərini kağıza yazdırıb qara camaatımız üçün bir intibahnamə qərar versək, onda duanın bərəkətindən küçələrimiz məhərrəmlik günləri keçəl–küçəllərlə dolan kimi, qeyri günlərdə də Hacı Molla Məhəmmədnəbinin zəvvar çavuş dəstələri ilə dolu olacaqdır. Yazıq bizim günümüzə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 dekabr 1922, №6 * * * Ziyarət Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən) Zəvvar – Əssəlamün əleyküm! Şura – Ay əleykəs-səlam, ağa, buyur, əyləş. Ağa nə fərmayiş? Zəvvər – Xeyr, xeyr, qalibi-ərz bir şey yoxdur. Ancaq ağanın məhəbbəti qoymur rahat yatam; xəyalıma qoymuşam gedəm Kərbəlaya, ağanı ziyarət edəm. Şura – Bəli, bəli, çox gözəl. Allah-taala səni salamat və ziyarətini qəbul eləsin. Bəs bizim üçün nə qulluq? Zəvvar – Bəli, ağa, xahiş edirəm icazə verəsiniz bir qədər xərclik yanımızca götürək, özü də qızıldan, gümüşdən olsun; yoxsa bu kağız pulları götürsək, gərək Culfadan pak islam torpaqlarına keçən kimi bu murdar pulları yuyaq. Qızıl-gümüş yumaq eyib yetirmir; amma kağız pulları yumaq mümkün olmur. Şura – Bəli, bəli, əlbəttə, icazə verirlər; əlbəttə, verirlər. Bu nə sözdür? Niyə də verilməsin? Belə bir mübarək yola, belə bir müqəddəs müsafirətə necə ki, müsaidə göstərilməsin? Allah ziyarətinizi qəbul etsin. Zəvvar – Allah sizə də Kərbəla qismət eləsin. – Amin, iltimasi-dua. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 dekabr 1922, №7 * * * Gözəl yerlər Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır: Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə – 35 ev, Xil – 70 ev. Bu on beş kəndin birində də məktəb yoxdur. * * * İndi ki, bu on beş kəndin ki, bircə dənə məktəbi yoxdur, bəs, nəyi var? Qulaq ver ərz edim : Bu on beş kəndin dörd nəfər mollası var: biri Molla Qivam, biri Molla Qiyam, biri Molla Hüseyn, biri də Molla Əbdüləli. Bu dörd nəfər molla bu on beş kəndi icarəyə götürüblər: Molla Qiyam Zibərdə moizə edəndə, Molla Əbdüləli Pənbədə mərsiyə oxuyur, Molla Hüseyn Çarqışlaqda mərsiyə oxuyanda Molla Qivam Gərmiyənda moizə eləyir və bu dörd nəfər molla iyirmi dörd il bu on dörd kəndi gəzib dolanalar, bircə dəfə də kəndlilərə, məktəb və dərs sözünü ağızlarına alıb danışmazlar. Və bu on beş kəndin camaatı bilmir başına nə çarə qılsın: bir tərəfdən mollalar yapışıb yaxasından deyirlər: “ver”, bir tərəfdən Lahıc seyidləri gündə bir dəfə atlarını çapırlar ki, “ver”. Molla deyir: – Verməsən səni behiştə qoymayacağam gedəsən. Seyid deyir: – Verməsən bir dua edəcəyəm cəddim sənə qənim olsun. Kəndli də verir; çünki çarəsizdir. Bu da ki, məktəbsizlikdəndir. * * * Mətləbi qurtarıram, amma bir neçə söz də qaldı; o da budur ki, dünyada həqiqət birdir və o həqiqət budur ki, bu saydığımız on beş kənddə gərək biz dörd nəfər mollanın əvəzində heç olmasa dörd nəfər müəllim görə idik və bir surətdə ki, bu on beş kəndi biz buraxmışıq dörd nəfər ağ əmmaməli əcdaha, 34 nəfər göy əmmaməli Lahıc zəlilərinin ixtiyarına, biz gərək boynumuza alaq ki, öhdəmizdə olan vəzifənin yüzdə birini ancaq görmüşük, amma doxsan doqquzu hələ qalır. Və bunu da unutmayaq ki, nə qədər Molla Qiyam, Molla Qivam, Molla Hüseyn və Molla Əbdüləli bir tərəfdən və Lahıc seyidləri, o biri tərəfdən avam kəndlilərə behiştin qəbzini paylamaqdadırlar, haman qədər də biz təəccübdə qalacağıq ki, aya bu mahalın maarif idarəsi nə fikirdədir və nəyə məşğuldur? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 dekabr 1922, №7 * * * Əl quyuları Qırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı. Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?! Axırıncı inqilabdan sonra əl quyuları bilmərrə nəzərdən düşdülər, ta ki keçən il mayın 21-də ancaq izn verildi ki, neft quyuları işə düşsünlər, amma bu şərt ilə ki, o quyulardan çıxan neft tamamən neft idarəsinə qiymət olunub təhvil verilsin. Amma söhbət burasındadır ki, may ayında əl quyularından çıxıb təhvilə verilən neft pulunu Azneft idarəsi oktyabr ayında verdi. Söz yox, belə olanda quyu sahibləri zəhmətə düşüb ziyan çəkəcəklər, çünki quyudan neft çəkməyin, əlbəttə, özünə görə xərcləri var ki, gərək vaxtı-vaxtında verilə. Amma hələ bu səhvdir. Şubanıda, Balaxanıda, Binəqədidə çox-çox əl quyuları var ki, hələ bunlara indiyə kimi izn verilmir işə düşsünlər. Nədir bunun səbəbi? Hökumətə bu əl quyuları heç lazım deyil, amma sahibləri də vaxtında bu quyulara hədsiz xərclər qoyublar. Bəs, bunun mənası nədir? “Yeni yol”, 30 dekabr 1922, №15 * * * Neft fəhlələri İndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar. Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş: – Neft fəhlələrinin bir parası kalafa da tapmır ki, orada qalsın; bunlar yəqin ki, yerlə göyün arasında qalırlar. Sözüm orada deyil. Sözüm oradadır ki, həmin bugünkü iclasda neft fəhlələrinin mənzilləri barəsində bir böyük mərəkə düşüb. Bugünkü bəyanatdan məlum olub ki, neft fəhlələrinin çoxunun heç evi yoxdu ki, orada qalsın; hələ bu məsələ indi müzakirəyə qoyulur. Yenə yaxşıdır yada düşdü ki, neft fəhlələrinə lazımdır ev, vermək ki, çöldə, soyuqda yatıb çərləməsinlər. Və bunu ki babətdə lazımdır eləmək: Birinci babət budur ki, neft kimi böyük bir dəstgahın canlı matorlarını gərək səliqəli saxlayaq ki, dəstgahımız işdən düşməsin. İkinci babət də bir sadəcə sözdür: heç olmasa zəhmətkeşlərə yazığımız gəlsin. Mən ki, belə qanıram: dəli deyirsən – de, ağıllı deyirsən – de. Dəli “Molla Nəsrəddin”, 31 dekabr 1922, №8 * * * Padvod O gündən ki, qulağıma çatdı ki, hökumət rüşvət almağı tükətmək yolunda çox tədbirlər tökübdür, o gündən ki, eşitmişəm ki, hökumət bundan sonra rüşvət alanlara həddindən də artıq tənbeh elətdirəcək, – o gündən mənim beynimə bir söz düşüb: haman söz “padvod” sözüdür. * * * “Padvod” – rusca arabaya deyirlər. Öz-özlüyündə söz elə pis söz deyil, hələ bəlkə lazımlı bir şeydir. Arabaya adam həmi minə bilər, həmi araba ilə yük daşıya bilər. Amma bizim kənd camaatının içində padvod çox heybətli bir şeydir, çox xatalı bir əhvaldır, böyük bir bədbəxtçilikdir. Və indi bu saat bizim Azərbaycanda balaca uşaqları hər gecə anaları xortdandan qorxudan kimi, ki, “ay aman, padvod istəyirlər”. Biz oturmuşuq Bakı şəhərində, qulağımız da dincdir; çünki bilmirik padvod nədir. Padvod ibarətdir ondan ki, bu saat Azərbaycan kəndlərində heç bir araba sahibi, at sahibi, öküz və kəl sahibi arxayın deyillər ki, onların arabası, ya atı, heyvanı bu gün onların əlindən çıxmayacaq. – Həsənqulu, arabanı qoş! – Hara qoşum? – Gedəcək vağzala. – Qulamalı, atını yəhərlə gətir! – Hara? – Gedəcək filan şəhərə, ya filan kəndə. * * * Kimdir, bu podvodu istəyənlər? Əgər bir müəyyən məmur, ya müəyyən idarə olsa, heç eybi yoxdur; çünki gah bir belə xidmətlər rəiyyət tərəfindən hökumət üçün təbiidir. Amma hansı məmurun sözünə kəndli hörmət göstərsin? Kimin haqqı var padvod istəməyə? Hər bir kəsin! Məsələn, padvodu bir gün ispalkom istəyir, bir gün milis naçalniki istəyir, bir gün voyenkom istəyir, bir gün palitbüro istəyir, bir gün zemkom istəyir, bir gün ərzaq komissarı istəyir və bunlardan savayı və yadıma düşməyənlərdən savayı nə qədər ki, mahalda milislər var, bunların hər biri bir yanda – yolda, qəsəbədə və kənddə araba, ya at görsə, ixtiyarı var həmin arabanı, ya atı sahibinin əlindən alsın və padvod adilə kefi istədiyi yerə aparsın. Burada kənd camaatının yaxasını qurtaran rüşvətdir: rüşvət ki, verdi, – o dəxi padvoddan azaddır; vermədi – atından, arabasından əl çəkəsidir. Bəs, bu rüşvəti də ki, indi hökumət götürmək istəyir, onda, bəs, biçarə araba və at sahibləri padvodun qabağını nə ilə kəsəcəklər? Allah bilsin! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 yanvar 1923, №9 * * * Düzəldi Dəli şeytan deyir götür qələmi, yaz bütün dünyavü-aləm xəbərdar olsun ki, müsəlmanların işi dəxi düzəldi qoydu getdi. Mən belə yazsam, söz yox hər bir kəs ki, mənə küçədə rast gəldi, deyəcək, ay dəli bu nə sözdü yazmısan? Onda mən cavab verəcəyəm: əmi oğlu, mən bir-bir deyim, sən də barmağını yum, gör düzəldi, ya yox? O, deyəcək – de. Mən də sayacağam. Götür bizim müsəlman aləminin məşriqini – Batumu. Ax, necə tərəqqi: iranlıların bircə dənə əncüməni-xeyriyyəsi var, o da qapandı. Qaldı bircə lotuxanalar və piyanxanalar. Bu məşriq. Gedək məğribə. Aşqabadda az-maz teatrdan, mədrəsədən istəyirdi baş tutsun. Onlar da ola bilər ki, getsin işinə. Çünki qazı Seyid Həsən ağa aşkar fərmayiş ediblər ki, maarifə üz qoyan müsəlman qızları fahişəxanaya üz qoyan kimidir. Bu məğrib. Götürək şimalı. Vladiqafqazda müsəlman qardaşlar nəyə məşğuldurlar? Burada axund Mirzə Hüseyn ağanın bərəkətindən camaatın özgə bir peşəsi yoxdur, savayı axirət axtarmaqdan. Axirət də nə ilə ələ gələ bilər? Allah-taala yolunda ibadət və riyazət ilə; məhərrəmül-həram günləri baş yarmaq ilə; Zülcənah və Haris bəzəyib küçələri dolandırmaq və əcnəbiləri öz üstümüzə güldürmək ilə; ibadəti oyunbazlığa oxşatmaq ilə. O dərəcədə ki, imam özü də narazı olsun; o dərəcədə ki, Haris sağ olsa idi və Vladiqafqazda bu il Haris şəbihi gətirən Məşədi Bəhrəm ağanın Haris rolunu ifa etməyi[ni] görsə idi, yəqin ki, bu cənabdan üzrxahlıq istərdi. Və çox şükür olsun ki, axund Mirzə Hüseyn ağa Vladiqafqazda var imiş; yoxsa olmasa idi, bütün cavanlar camaatımızı lap yoldan-izdən çıxardacaq idilər. Belə ki, axır vaxtda teatrın haram olmağını axund cənabları lap aşkar və uca səslə məsciddə moizə əsnasında “Bəharülənvar” kitabı ilə camaata sübut etdi. Bu da şimal. Qaldı sənin cənubun və mərkəzin; yəni göbəyin. Əliəkbər ağaya (adə, bu məlun hələ ölmür ha!) Qaldı mərkəz. Mərkəzdən də götürək, məsələn, Quba vilayətini. Əgər desəm indi, yəni bu iyirminci əsrdə, yenə Quba vilayətində şiəlik və sünnülük mübahisələri davam etməkdədir, necə ki, məsələn bu saat Bakının çox məhlələrində bir para dini əncümənlər, dini mübahisə-moizələr davam etməkdədir, vallah inanmayacaqsan. Amma inan, qardaş inan. Niyə inanmırsan? Məgər Darvin kimi alim yalan deyirmiş ki, bir para insanlar... yəni mənim sözüm vəhşi heyvanlar barəsindədir. Necə götürək meymunu... (Mabədi, bədsəbir gəlməsə, olacaq). Dəli “Molla Nəsrəddin”, 13 yanvar 1923, №9 * * * Qulağımız qızışıb Bizim qulağımız qızışıb, onçun çox şeyləri görmürük, amma kənardan baxan çox təəccüb eləyir və çox da gülür. Mən bizim yazıları deyirəm. Əvvəl götürək dükanlarda və idarələrdə küçə qapısının başından asılan lövhələri. Pəh-pəh pəh!... zalım oğlu, nə gözəl yazıb! Hərflərin bir cərgəsi qızıl suyu ilə, bir sətri gümüş suyu ilə, bir sətri bir xəttlə, o biri hərfləri bir ayrı xəttlə – pəh-pəh, nə gözəl yazı, .... Amma... , vallah oxunmur, bilmirəm nə yazılıb. Başdan bir hərf yazılıb, “cim”ə də oxşayır, “çim”ə də, “hey”ə də. Alt və üst doludu nöqtələr ilə, ilan-çayan və qeyri lazım olmayan “zer”, “zəbər” və “puş” ilə. Sonra – “çim”in quyruğu, gedib lövhənin lap axırında burulur qalxıb yuxarı, oradan da qayıdıb sətirlərin arasında yox olub. Həmin “cim” ilanın qarnına genə qızıl suyu ilə yazılmış bir ayrı ilan dolaşıb, bunun da başı “qaf” hərfinə oxşayır. Genə altda bir neçə lazım olmayan qarışqa şəkli, soxulcan şəkli, kərtənkələ şəkli, lazım olmayan nöqtələr, çalmalar, “püş”lər, “şə”lər və “zer”lər, üst də həmçinin. Pəh-pəh-pəh, zalım oğlu gör nə göyçək yazıb, .... . amma vallah, billah oxunmur. * * * Söhbət burasındadır ki, qulaqlarımız çox bərk qızışıb. Axır-dürüst fikir edəndə bu dükan sahibi əlbət bu lövhəni ondan ötəri buradan asıb ki, camaat bilsin ki, bu dükan kimin dükanıdır və nə dükanıdır. Amma, gör bu biçarənin qulağı necə qızışıb ki, heç fikrinə də gətirmir, ya nəqqaşa desin – a balam, bunu belə yaz ki, oxuya bilsinlər, ya da ki, lövhəni bir yolluq yeni türk əlifbası xəttilə yazdırsın. Çünki qulağı bərk qızışıb. Kitablarımız da lövhələr kimidir. Mən indi burada bir gülməli söz istəyirəm deyəm: mən deyirəm ki, nə qədər dünyada ərəb hərfilə kitab yazılıb, onların heç biri indiyə kimi oxunmayıb. Mən səndən soruşuram və mərd-mərdana de görüm – sən hansı bir müsəlman kitabını oxuyub axıra kimi çıxmısan? Vallah, billah heç birini. Bizim kitablar qəşənglikdən ötəri yazılırlar, nəinki oxumaqdan ötəri. Bizlər kitabı şöhrətdən ötəri alırıq, nəinki oxumaqdan ötəri. Sən “Gülüstan”ı oxumusan? Vallah yalan deyirsən. Mən Firdovsini oxumuşam? – yox, vallah yalan deyirəm. Sən Füzulini oxumusan? – yox. Hafizi yox – və gərək bunu biz yəqin edək ki, əl ilə yazılmış və daşda çap olunmuş kitabların heç biri müsəlman aləmində başa kimi oxunmayıblar (və çox yaxşı da olub ki, oxunmayıblar). O ki qaldı, qurşun hərflərilə çap olunan kitablarımıza – onları da istəmişik hıqqına-hıqqına oxuyaq, amma yorulub yarı yolda tullamışıq. Odur ki, maşallah, savadsızlıqda dünyanın birinci mərcini udmuşuq. Amma duymuruq, çünki qulağımız qızışıb. Vızvıza “Yeni yol”, 13 – 20 yanvar 1923, №2 – 3 * * * İki xəbər Biri budur ki, kəndlilərdən ötrü türk dilində çıxmaqda olan “Əkinçi” qəzeti dayandı. Biri budur ki, hökumət türk teatrının hökumət tərəfindən verilməkdə olan məxaricini o qədər azaldıblar ki, o teatrın davam gətirməyinə ümid qalmır. Bu iki xəbərin ikisi də səhihdir. * * * – Xub, heç dəxli var? Ay balam, Mozalan, ay yoldaş Dəli, bu nə işdir, bəlkə səhvdir, böhtandır? – Xeyr, Molla əmi, başın üçün həqiqətin lap özüdür. – Xub, ay balam, indi bari bunun səbəbini deyiniz görüm səbəb nə olub ki, indiki əsrdə kəndli mətbuatı qabağa getmək əvəzinə, tək bircə dənə olan kənd qəzeti dayansın və teatrımız təzə-təzə rövnəq tapdığı halda, birdən-birə qapansın. Yoldaşlarım Mozalanı torpaq baş idarəsinə və Dəlini teatr baş idarəsinə göndərdim ki, bu nə işdir türk maarifinin başına gəlir? Hər ikisi bir müxtəsərcə cavab gətirdi ki, pul çatmır. Heç dəxli var?... * * * Oxucuların qulluğuna ərz olsun ki, keçmişdə hər nə olub, keçib gedib. Amma indi pul işləri təzə bir səliqəyə düşmək istəyir. Bundan ötrü də təzə bir büdcet, yəni məsarif heyəti təyin olunub ki, idarələrin məxaric məsələlərini səliqəyə salsın. Çün bu da bizə məlumdur ki, bu vaxtadək xəzinə pulları israf yerə xərc olunub və heç bir yerdə xərcləri qənaət eləmək və mümkün olan qədərdə gödəltmək məsələsi ortalığa gəlməyib. Budur ki, təzə büdcet heyəti məcburdur o yerdə ki, lazım gördü, bihudə xərclərin üstünə qələm çəksin. Demək, haman bihudə xərclərin biri “Əkinçi” ruznaməsi idi ki, onu bilmərrə yox elədilər. Qaldı Hökumət Türk Teatrı. Bu da heç əslində olmasa, heç kəsin halına təfavüt eləməz. * * * Təvəqqe olunur bizdən inciməyəsiniz. Çünki doğrudur, çox yerlərə və çox idarələrə milyard-milyard pullar xərclənib və yenə xərclənəcək; amma “Əkinçi” ruznaməsinə pul çatmadı. Bunlar hamısı gözəgörünməz Allahın məsləhətidir. Biz aciz bəndələr bundan baş aça bilmənik. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 yanvar 1923, №10 * * * Şikayət Nuxa camaatı tərəfindən idarəmizə belə bir şikayət gəlib: Ay Molla Nəsrəddin əmi, sən bir insaf əhlisən, biz Nuxa camaatı, yəni Şəki camaatı, maarif və məktəb üzünə həsrət qalmışıq, səbəb? Səbəbi budur ki, bizim şəhərimizdə bir yerli famil var, – bilmirəm toxumunmu cinsliyindəndir, ya yerinmi qüvvətliyindəndir, – hər tərəfə qol-budaq atıb, o qədər də bar gətirib ki, xudavəndi-aləmin mərhəməti sayəsində bütün şəhəri tutub. Sonra keçək müəllimlərə: yenə hər bir müəllimdən soruşsan familyan nədir? – Həmin famili deyəcək. İndi də gələk şagirdlərə: vallahı, billahı yenə and olsun sənin başına, cəm şagirdlər haman famildəndirlər. Və belə olan surətdə məlumdur ki, maarifə Bakıdan buraxılan məxaricin – xah nəqd pul olsun, xah sair bir şey olsun, – bunların cümləsinin təəllüqü həmin familədir. Doğrudur, biz Nuxa camaatı, eşitmişdik ki, indi dünyada bəzi vaxt monopoliya ola bilər; amma daha maarif monopoliyasını eşitməmişdik ki, bunu da görürük. Əgər bir az vaxt da bu hal davam etsə, onda qalan camaat gərək Nuxadan köçə gedə özgə mahala; yəni burada çətinə düşəcəyik. Çünki baxıb görürük ki, əgər Nuxadan dərbədər olub Qarabağa tərəf getsək, orada da görəcəyik ki, hamının famili ya Vəzirovdur ya Cavanşirdir. İrəvan və Naxçıvanda da bilirik ki, kəngərlilərlə Şaxtaxtılardan savayı bir kəs yoxdur. Xülasə, tez bir çarə, a Molla əmi! Nuxa camaatı tərəfindən Dəli “Molla Nəsrəddin”, 27 yanvar 1923, №11 * * * Müqəddəs vətənim Yenə mənim üzümü ağardan müqəddəs vətənim olacaq. Qoy tiflislilər nə edərlər-etsinlər, qoy kilsənin xaçını qopardıb yerinə ulduz qondarsınlar, qoy nə edirlər-etsinlər, amma mənim başımı ucaldan – yenə mənim Naxçıvan vətənim olacaq. Qoy, Tiflis nə edir etsin – Naxçıvanımın üstdən xudavəndi-aləmin sayəsi bir an da əskik olmayacaq. Bəs, bu Allahın mərhəməti deyil nədir ki, Tiflis millətlərin Allahı və peyğəmbəri danan bir vaxtda Naxçıvanda Kərim Qulu, Dizə kəndinin məsul katibi piyada Kərbəlaya gedir? Bəs, bu əsbabi-iftixar deyil, nədir ki, Tiflisdə camaat Allahın və onun peyğəmbərlərinin ziddinə cəlallı bir nümayişlər, mitinqlər, nitqlər və toy-bayram qurduğu bir vaxtda, mənim müqəddəs olan Naxçıvanımdı Dəstə məsul katibi Kərbəlayı Şirəli Kərbəlaya müşərrəf olur yoldaşların biri oruc tutan müsəlman qardaşlara böyük payoklar gətirdir? Bu xoşbəxtlik deyil nədir ki, Nehrəmdə yoldaşların bir böyüyü – Bağır Bayram oğlu, Məkkəyə gedən hacılar üçün icazə iltimasında bulunur? Hələ bunlar nədir? Əgər Tiflisdə Allahın və peyğəmbərlərin ziddinə dəstələr tutub küçələri gəziblərsə, Naxçıvanda da dəstələr tutublar. Amma nə dəstələri və nə vaxt tutublar? Xidmətinə ərz olsun ki, məhərrəmlikdə tutublar. Tiflis dəstələrinin dəstəbaşçısı kim olub? – Dinsizlər. Bəs, Naxçıvan dəstəbaşçıları kimi olub? – Belə məsul katiblər. Hələ bunu da qoy deyim ki, canına qurban olduğum yoldaşım Hacı Mirbağır ağa aşura günü o qədər döşünə sinə vurmuşdu, o qədər vurmuşdu ki, doğrudur, sinəsi qızarmamışdı (çünki ağanın sinəsi çox qaradır), amma vallah şişmişdi! * * * Yenə millətlər içində məni şöhrətə mindirən mənim bu müqəddəs vətənim olacaq ki, onun adı Naxçıvandır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 yanvar 1923, №11 * * * Uşaqlarımız Bizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq. Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq. Və beləliklə uşaqlar kişilərin yanından uzaq düşüb vaxtlarını ya arvadlar məclisində, ya küçə-bacada keçirtməyə məcbur olublar. Biz özümüz uşaqlıqda belə görmüşük və bu səbəbdən də sair millətlərin cavanları öz vaxtında dərs və tərbiyəni tamam etdikdə biz onlardan azından on il gecikmişik. * * * Həmin səbəbə görə indi bir çox nöqsanlar qabağımıza gəlməkdədir ki, bunların hamısı yenə uşağı özümüzdən kənar eləməyimizdən törəyir. Ümumiyyətlə, deyə bilərik ki, biz qeyri millətlərə nisbətən uşaqları çox az istəyirik, onlara az etina edirik. Biz elə bilirik ki, uşağı öz vaxtında yaman-yaxşı bir mədrəsəyə qoyandan sonra dəxi bunnan bizim təklifimiz qurtardı getdi. Hərdənbir də, məsələn: dörd-beş ayda bir dəfə gedirik mədrəsə müdirindən uşağımızın yaxşı ya pis oxumağını xəbərləşirik və elə bilirik ki, dəxi biz atalıq vəzifəsini tamam edib qurtardıq. Amma bu böyüklükdə məsələni unuduruq ki, elmi ələ gətirmək ilə tərbiyə işi gərək tuş gedələr, hələ bəlkə tərbiyə məsələlərini elm təhsilindən yuxarı tutmaq lazımdır. * * * Mədrəsədə oxuyan vaxtda da, hətta mədrəsəni qurtaran vaxtlarda da biz yenə uşaqlarımızı özümüzə o dərəcədə yaxın saxlamırıq, nətəri sair mədəni millətlər saxlayırlar. Çox atalar uşaqları oxuduğu məktəbin yolunu və harada olmağını tanımırlar, çünki arxayındılar ki, övladları orada dərslərini oxumaqdadırlar. Odur ki, məktəblərin valideyn şurasında az iştirak edən millətlərin birincisi bizik və bu özü geridə qalmağımıza bir böyük dəlildir. Biz buna etina etmək istəmirik ki, aya görək uşaqlarımız harada oxuyur, nə dərs oxuyur, nə üsul ilə oxuyur, hansı mühitdə və nə mənada oxuyur və deyirik ki, uşaqlarımız nə oxuyurlar oxusunlar, ancaq bizə çox başağrısı verməsinlər. Uşaqlarımıza bir çörək-paltar verməklə, onları dərsə qoymaqla bizim borcumuz hələ tamamilə qurtarmır, uşaqlarımızın gününün xoş keçməsi yolunda da çalışmalıyıq. Biz gərək elə xəyal etməyək ki, uşaqlarımıza küçədə aşıq-aşıq oyunundan savayı özgə məşğələ lazım deyil, hələ bəlkə bu aşıq-aşıq oyununu da çox atalarımız uşaqlarına çox görürlər. Halbuki, uşaqlar bu surətdə ki, həmişə dərs oxumaq ilə fikirlərini yormaqdadırlar – biz böyüklərdən də artıq ruhları şadlıq və sevinmək ilə dincəlməyə möhtacdırlar. Əlbəttə, uşaq özu bu barədə öz fikrinə qalacaq və biz dedik-demədik özü üçün məşğələ axtarıb tapacaq – bu təbiidir. Amma söz burasındadır ki, biz bu işdə gərək uşaqları özbaşına buraxmayaq, biz bu barədə gərək onlara kömək edək, onlara yol göstərək və uşaqları lazımsız və bəlkə xatalı məşğələlərdən uzaqlaşdırıb onlar üçün faydalı və daha da xoş vaxt keçirtmək dəstgahları düzəltməyə ciddi-cəhd edək. Və heç bilən varmı ki, burada bizim böyük əskikliyimiz nədir? * * * Uşaq teatrının nədən ibarət olması özgə bir söhbətdir ki, gələn nömrələrimizin birində bu barədə ayrı bir məqalədə danışarıq, amma burada bircə bunu söyləmək lazımdır ki, uşaqlara məxsus teatrlarımızın olmamağı bais olur buna ki, uşaqlarımız biz böyükləri gecə teatrına gedən gördükdə və bu teatrların qışqırıqlı oxuyub-çalmalarını eşitdikdə bizdən xəbərsiz həmin teatrlara doluşub biz böyüklərdən qabaq səhnə görsənişlərinə əl çalırlar. Amma bu belə olmamalı: özgə işlərdə də səliqəsiz olmağımız ötüşsə burada ötüşməyəcək, ondan ötrü ki, bizim bu gödək ömrümüzdə bizə tək bircə dəfə uşağa tərbiyə vermək qismət olacaq bu işi də labüd biz gərək öyrənək – öyrənməsək böyük insafsızlıq eləmiş olacağıq. Köhnə müəllim “Yeni yol”, 27 yanvar – 3 fevral 1923, №4-5 * * * Nə mərəkə! Seyid ağa doqquz yaşlı bir qıza əl atmış və bu barədə çox danışıqlar, çox yazı-pozular qopmuş, çox mərəkələr qalxmış. Bilmirəm səbəb nədir ki, bu işə mən o qədər də təəccüb etmədim, nə qədər ki, görürəm qeyriləri edir. Bəhərhal iş özü çox murdar[dır], bunun qabağını almağa çox böyük tədbirlər götürməli. Amma mənim söhbətim özgə bir mətləb üstündədir. Mən deyirəm ki, Seyid ağa həmin tutduğu işdə tək deyil: müsəlman aləmində balaca qızların bədbəxt olmağı hər ölkədə, hər gün, hər saat üz verməkdədir və Seyid ağanın indiki “fəthinə” təəccüb edənlərin özünə mən özüm çox təəccüb edirəm. Hələ sair islam məmləkətləri ilə işim yoxdur. Bizim Azərbaycanın hansı şəhərində, qəsəbə və kəndində hansı ay və hansı həftə boş keçər ki, o həftənin içində balaca qız yumruq gücilə və behişt vədəsilə ərə verilməsin? Doğrusu budur ki, bizim qulaqlarımız qızışıb: o yerdə ki, balaca qızı “şəriət” bəhanəsilə sürütdürüb zor ilə pəhlivanın evinə qatıblar, – orada bir söz danışmamışıq. Odur ki, indiki Seyid ağanın tutduğu işin mərəkəsi dünyaya dağılıb; çünki ağanın səhvi də bu olub ki, həmin qızı bir yolluq, açıq-açığına halal siğə ilə halal buyurmayıblar. Və elə olsa idi, onda söz yox, biz bir söz deməyəcək idik. * * * Bəs, rişədən gərək başlayaq. Və məhz bu cəhətdəndir ki, Seyid ağanın indiki işinə mən bir o qədər təəccüb elmədim, mən qocalmışam, o qədər görmüşəm ki, gözlərim ögrənib, o qədər eşitmişəm ki, qulaqlarım qızışıb. Heç təfavütü yoxdur, ya Seyid ağa bu gün Bakıda bir balaca qıza əl uzatdı, ya ölkələrimizdə min-min Seyid ağalarımız min-min balaca qızları kəbin bəhanəsi ilə ələ salırlar. Əgər biz bununla onlara təfavüt qoysaq, onda əmmaməli lotular “ənkəhtü vəzəvvəctü” ilə bədbəxt və avam müsəlmanları aldatmaqda olacaqlar. * * * Rişədən başlamaq. Məsələn, hökumət tərəfindən gərək bir belə qanun qoyula ki, on səkkiz yaşa çatmamış və müəyyən dərsi, tərbiyəni tamam etməmiş, – heç bir qız ərə gedə bilməz. Nə qədər ki, bir belə qanun yoxdur, o qədər də balaca qızlarımızın ixtiyarı əcdahaların əlində olacaqdır; ondan ötrü ki, əgər Seyid ağanı durub biz çox bərkə qısnasaq, əlini uzadıb cibindən bir barmaq kağız çıxardar ki, bu mənim mübarək siğəm, bu mənim halalca əyalım. * * * Rişədən başlamaq. Çünki bir surətdə ki, hələ vəhşi və çürük adətlər sayəsində vəhşilər tək dolanmaqdayıq, bir surətdə ki, balalarını yeyən adamxor tayfalar tək ömür sürməkdə davam edirik, – dəxi Seyid ağalara da bir söz deməyə dilimiz gödəkdir. Rişədən başlamalı! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 fevral 1923, №12 * * * Bədbəxtlik Bu günlərdə Bakıda Seyid Məhəmməd adında bir molla necə ki, məlumdur, doqquz (9) yaşında bir qıza vəhşi bir surətdə əl uzatmaq edibdir. Şəhərdə bu barədə çox danışıqlar oldu: günahkar mollanı, əvvəl dustağa aldılar, sonra nədənsə azad etdilər, amma sonra genə eşitdiyimizə görə dustaq ediblər. Savayı ondan ki, bu fəqərə özü çox bir murdar iş və böyük bir vəhşilikdir, bu işin özgə bir əhəmiyyətli məsələyə yapışıqlığı var ki, bunu, hər halda, səhl saymaq mümkün deyil. Mənim sözüm qızlarımızın kiçik vaxtında ərə verilməyi məsələsi barəsindədir. Məlumdur ki, qədim vaxtlardan belə adət düşübdür ki, müsəlman aləminin qızları doqquz yaşında uşaqlıq dövrlərini tamam eləmiş hesab olunublar və buna qüvvət verən şəriətin içimizdə məşhur olan qanunu olubdur ki, doqquz yaşa çatmış qızlara ərə getməyə izn veribdir. Kim bunu görməyib və eşitməyib ki, həmin bu qanun adına bizim məmləkətdə, xüsusən mahallarda, nə qədər bu barədə zülmlər olur? Nə qədər balaca qızların göz yaşları tökülür? Odur ki, indiki Seyid Məhəmmədlər də adətkərdə olublar: əgər biz durub çox bərkini tutsaq, ola bilər ki, haman Seyid Məhəmməd cibindən bir gəlin qızı çıxarda və deyə ki, bu mənim şəriətim, bu halalca övrətim, dəxi kimin nə sözü ola bilər. Bəs, belə olan surətdə işi lazımdı kökündən başlamaq, yəni lazımdır elə bir qanun qoymaq ki, qızlarımız yetişmiş yaşlarına çatmamış onların ərə getmək ixtiyarı olmasın. Belə bir qanunun daha böyük bir əhəmiyyəti oradadır ki, qızlarımız qanun təyin etdiyi yaşlarını gözləməyə möhtac olanda daha işsiz qala bilməyəcəklər və təbiidir ki, vaxtlarını tərbiyə və və dərsə sərf edəcəklər. Əlbəttə, bu hal belə qala bilməz: bu bədbəxtlikdən, bu biabırçılıqdan bir yolluq qurtarmaq lazım. “Yeni yol”, 3 fevral 1923, №5 * * * Uşaq teatrı Bu sözü ki, biz indi burada yazırıq, deyəsən təzə bir söz. Çünki uşaq teatrı söhbətini biz bir yanda eşitmirik və əgər bir yerdə uşaqlar üçün teatrımız olursa da, bu barədə qəzetlərdə yazı-pozu gözümüzə sataşmır. Bizim nəzərimizə gəlir ki, hər bir yerdə uşaqlar üçün türk dilində teatr nümayişləri verilmir və habelə uşaq teatrı üçün uşaq əsərləri düzülüb meydana qoyulmur. Hələ məxsusi uşaq əsərləri öz qaydasınca, bizim böyük teatrlarımızda qoyulan əsərlərin içində elələri var ki, onları uşaqlara göstərməyin nəinki heç bir eybi yoxdu, hələ bəlkə xeyri ola bilər, halbuki biz bu barədə hələ heç bir fikirdə olmamışıq. Hətta bu dairədə qabağa gəlmək əvəzinə biz bəlkə bir az geri də qayıtmışıq. Çünki otuz il bundan qabaq səhnəmizin atası Mirzə Fətəli Axundovun “Kimyagər” “Hekayəti-Molla İbrahimxəlil kimyagər”) pyesini cavan artistlər Naxçıvan kimi kiçik bir şəhərdə bir gün məxsusi məktəb uşaqları üçün tamaşaya qoydular. Haman bu gün elə yadımızdadır: iki yüzdən artıq məktəb şagirdlərinin bir böyük bayramı idi. Necə asan imiş iki-üç saatın içində bu qədər uşağı xoşbəxt eləmək! Bəs, hanı indi o işlər! Biz yekələr başımızı salmışıq aşağı və özümüz bu gün bir teatra, sabah o biri teatra gedib deyirik ki vəzifəmiz bitdi. Amma haman uşaq teatrında nə qədər böyük bir aləm var ki, biz ona əhəmiyyət vermirik. Bunun özgə bir tərəfləri hələ qalsın kənarda, bircə bu kifayətdir ki, bizim uşaqlar öz xüsusi teatrlarına getməyi adət etsələr, o vaxt biz böyüklərin lotuxanaya oxşar gecə teatrlarından yadırğıyıb xoşbəxt olarlar. (Yenə danışarıq) Köhnə müəllim “Yeni yol”, 17 fevral 1923, №7 * * * Pulların danışığı Əgər pul mübahisəsi Quba meydanında düşəndə biz heç buna təəccüb etmirik, amma iki vəzir pul üstə biri-biri ilə deyişəndə daha bu özgə bir iş olur. Maliyyə vəziri, yəni pulların hamısının vəziri Elektrotok idarəsinə doqquz yüz milyon işıq pulu göndərir. Elektrotok idarəsi deyir: “Bu pullar təzə Zaqafqaz pullarıdı, mən bu pulları götürmürəm, mənə kurs ilə Şura pulu gətiriniz. Pulların vəziri götürür prokuror cənablarına bu məzmunda şikayət verir: “Müttəfiq Şuraların dekreti mövcubincə Zaqafqaz pulları gərək sair pullar cərgəsində işə keçsin, bu qədər var ki, Elektrotok idarəsi həmin pulları götürməkdən üz çöndərməklik edən surətdə təzə Şuralar İttifaqının pul birliyi binagüzarlığı yarımçıq qala bilər”. Bunun qabağını almaq üçün pul vəziri iltimas edir Elektrotok idarəsinin həmin işi müqabilində məhkəmə qurulsun, ta ki, müqəssirlər orada cavab verməyə çalışsınlar. “Yeni yol”, 17 fevral 1923, №7 * * * Ərzaq vergisinin nöqsanları Bu sözü biz demirik, bunu “Bakı fəhləsi” qəzeti 33-cü nömrəsində yazır. Yazır ki, keçən ilin naloq işləri bir neçə nöqsanlar ilə keçdi. Lazımdır tədbir tökmək ki, bari bu üzümüzə gələn il haman nöqsanlar dəxi təkrar olunmasın. Bu sözü haman yuxarıda söylədiyimiz qəzet deyir, biz demirik. Vəbalı deyənin boynuna. Yoxsa biz keçən ilin naloq dəstgahında bir nöqsan, bir əskiklik bilmirdik. Doğrudur, kəndlərdən Bakıya çox-çox kəndlilər gəlib şikayət elədilər ki, ərzaq vergisinin bir para nöqsanları var; amma onların sözünə o qədər də əhəmiyyət verilmədi. * * * İndi yazırlar ki, ərzaq vergisinin bir neçə böyük əskikləri var idi ki, məsələn, vergi verənlərin siyahılarını kənd ispalkomları tutdular, amma məlumdur ki, bu ispalkomların çoxu o dərəcədə savadsız və avvamdılar ki, bu cür məmuriyyətə onların qabiliyyəti ola bilməz. Amma bu qəribə sözdür. Səbəb budur ki, doğrudur, kənd ispalkomlarının çoxu savadsızdır, amma Molla Nəsrəddin indiyə kimi eşitməmişdi ki, bir kəs tapıla ki, savadsız adamı bəyənməyə və doğrudan da bunun nə dəxli var? Məgər savadsız adam ərzaq naloqunu yığa bilməz?.. * * * Bir də haman məqalədə yazılıb ki, ərzaq naloqunu yığanda insaf deyil yoxlayıb, görmüyəsən, aya, bu naloq verən kəndlinin neçə baş çörək yeyəni var. Demək, hələ indi yavaş-yavaş məsələ aydınlaşır və həqiqət gəlib ortalığa qoyulur. * * * Bir də yazır ki, bundan sonra gərək taxıllar ayaq üstə durmamış onları dərəcəyə təqsim eləmək. Çünki axırda elə bəla nazil ola bilər ki, dərəcələrə təğyim vermək lazım gələr. Demək, keçən il bu qanun mülahizə olunmayıb; demək keçən il hələ taxıllar göyərməmişdən Bakıdan “Rəml” radiosu vasitəsilə naloq loğmanları bildilər ki, filan yerdə altı aydan sonra yaxşı taxıl bitəcək və filan yerdə yaxşı üzüm əmələ gələcək. * * * Bizə qalsa, tək bircə şərti gözləmək lazımdır, qalanları ötüşüb keçər. Haman şərt budur ki, hər bir əkinçidən onun əhvalına görə naloq almaq lazımdır. Yoxsa “atam mənə kor deyib” üsulunu bilmərrə buraxmalıdır; çünki əkinçiləri gözləmək lazımdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 fevral 1923, №13 * * * Əslinə mütabiqdir Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar. Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir. Bunnan işimiz yoxdur. Amma bunu edəndən sonra həmən verdiyi hökmü “Şərq qapısı” qəzetəsində çapa verdirir. Bununla da işimiz yoxdur. Ancaq həmən hökmün axırında yazılıb: “Əslinə mütabiqdir”. İdarədə yoldaşlarımız bu sözləri çox o tərəfə – bu tərəfə çöndərdilər. Mənasını başa düşsünlər, düşmədilər. Amma qoçaq “Cırcırama” tapdı. Deməginən bunun mənası bu imiş: Keçən vaxtlarda məktəblərə Nikolay ağanın müfəttişləri gəlib, gahdan bir müəllimləri zəhmət maaşından məhrum qılarmış. Amma bəzi vaxt belə müfəttişlər də olardı ki, müəllimlərdə tənbəllik görəndə bunları atalıq nəsihəti ilə düzünə salıb, qoyub gedərdi. Xülasəyi-kəlam, elə də olardı, belə də olardı və indiki kimi Nikolay padşahın da maarif vəzirlərinin belə-belə çürük-mürük hökmləri doxsan doqquz kitaba girərdi və rəsmi cəridələrdə nömrəli və təfsilli dərc olunardı. Biz müntəzir idik ki, indi gərək işlər köhnə işlərə bənzəməyə və azad məmləkətdə azad maarifin komissarı müəllim yoldaşları tənbəl gördükdə onları yoldaşlıq nəsihəti ilə düzəldə idi, nəinki töhmət və cərimə ilə. Pəs əzizim, əslinə mütabiq, əslinə mütabiq-elə həmin işlərdir ki, mən burada xidmətinə ərz qıldım. Cırcırama Molla Nəsrəddin, №13, səh. 6, 18/II-1923 * * * Təbiət Üfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir. Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır. Təbiət bunu təğaza edir. * * * Bu müqəddimədən sonra oxucularımın xidmətinə ərz olsun ki, axırıncı inqilabi-kəbirdən sonra bizim etiqadımız buna idi ki, dəxi camaatımız kifayət dərəcədə fanatizm yuxusundan ayılıbdır. Biz yəqin etmişdik ki, dəxi Vladiqafqazda axund-molla İsmayıllar ölüb getdilər. Biz mərc gələ bilərdik ki, əgər ölüdirildən axund-şeyx Nəsrulla (Xüda məkərdə) bir də molla İsmayılı dirildə, gətirib çıxarda onları Qafqaz minbərinə, dəxi camaat onun mövuzəsinə getməyəcək və axund korpeşman yenə qayıdıb, gedəcək hurilərinin yanına. Amma belə deyilmiş: Bizim müsəlmanların mövhumat quyusu çox dərin imiş. Belə ki, indi də Vladiqafqazda mərhum axundun varisi axund-molla Hüseyn dad-bidad edir. Bu yaxınlarda axund cənabları məsciddə islam qardaşları fizik elmindən leksiya oxuyurmuş və buyururmuş ki, “Hamamda sərfdən damcılayan damcılar hər kəsin başına düşsə, o kəs cinabət qüslu eləməlidir”. Bir rəvayətə görə camaat bunu eşitcək ağlayırmış. Söz yox, ağlamalıdır. Çox da ağlamalıdır, çünki bu işləri səhl saymaq olmaz. Burada nəinki bir fərdin, bəlkə bütün millətin matəmini tutmaq yaraşar... * * * Bu lağlağını qurtarandan sonra Allah-taaladan isterham edirəm ki, nə qədər ki, Bakı şəhərində Həmşərilər məhəlləsi və Həmşərilər məscidi var, Allah-taala Şeyx Qəni axundun da vücudunu yerin-göyün bəlasından uzaq eləsin. (Yuxarıda and içdiyim Allah-taalaya dübarə and içirəm ki, yer üzündə dəxi bu dərəcədə bəxtiqara millət mənim xəyalıma gəlmir). Lağlağı “Molla Nəsrəddin”, №15, səh. 4. 3/III – 1923 * * * Əkin ustadları Zəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir. Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir: – Hər bir əkinin əsası maşinabazlıqdır. Əgər maşina olmasa, əgər texnika olmasa, əgər toxumu yerə səpən, biçən, döyən, suvaran maşinaları olmasa, bizim əkinçi rəyiyyətimiz min il də bundan sonra geridə qalacaqlar. Gah belə də olur ki, mollaların nəsihətindən çıxan bir para nadinc kəndlilər gəlib, müdir cənablarından təğaza edirlər ki, bu maşınların heç olmasa birini versin, aparsınlar imtahan eləsinlər. Hər dəfə də həmin müdir cənabları Kuryatin məst bir halətdə cavab verir: Sabah gələrsiniz. İndi mənim macalım yoxdur. Maşınlar da həmən yerdə qarın və yağışın altında paslanmaqdadırlar. * * * İdarədən: Bu əhvalatı “Bakı fəhləsi” qəzetəsinin 49 nömrəsində oxuyandan sonra götürüb Zəyəmə müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəm məlumat istədik. Dünən həmən müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq. Kuryatin cənabları yazır: Yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs, siz əgər sədaqətli yazıçısınız bəs bunu niyə yazmırsınız ki, Bakıda dərya kənarında torpaq idarəsinin təhtində bir böyük və çox böyük əkin maşinaları anbarı var ki, orada olan kiçik və böyük maşinaların həddi-hesabını heç torpaq müdiri özü də bilmir. Heç sklad müdiri özü də bilmir. Gediniz bir yaxşıca xəbər tutunuz, biliniz aya neçə ildir o maşinalar orada yağış və qarın altında çürüyürlər. Qeyri şəhərlərdə olan maşina skladları habelə. İndi sizlə mərc gələk bir kəndli əkinçi göndəriniz getsin o maşinaların birini istəsin. Əvvəl müdir deyəcək bu qədər qızıl pul gətir qoy stolun üstünə, get məsələn kotanı apar. Əgər yalan deyirəmsə, yaz yalan deyirsən. Məhz səbəb budur. Həmən kəndli gəlib bir kotanı ya sovuruq maşınasını istəyəndə, qabaqca qızıl pulunu sayıb, stolun üstünə qoymur. İşlər nə qədər ki, bu minval ilə gedir, Zəyəmdə də kəndlilər babadan qalma cütə dəvələri qoşub, cütü eləyəcəklər. Bakının kəndlərində də belə eləyəcəklər. Qeyri kəndlərdə də belə edəcəklər. Amma sən indi həmən Bakının skladının dəstgahına bax, oranın ştatına bax, orada əyləşən ağaların damağına bax. Qoy rəiyyət də cütün ardınca dəvələri ya arıx öküzləri döyə-döyə kənardan tamaşa eləsinlər. Lağlağı “Molla Nəsrəddin”, 10 mart 1923, №16, səh. 3-4 * * * Poçt xərci Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir. İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır. Bu işlərdən anlaşılır ki, tək Bakıda yox, Azərbaycanın qeyri şəhərlərində də poçt xərcləri çox-çox artıblar. Aşkardır ki, hər bir bahalıq dadüstədin qabağını alan kimi, poçtun da bahalığı nəşriyyatımızın yatmağına bais olacaqdır. Poçt baş idarəsi bunu bilməlidir və öz səhvini düzəltməlidir; çünki poçt müxabirəsinin çətinliyi və intizamsızlığı poçt baş idarəsi üçün hər bir zamanda əsabi-töhmət olub və olmalıdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 mart 1923, №16 * * * Vəhşilər Quba meydanında bu günlərdə üz verən vəhşiliyi indiyə kimi biz tarixlərdə eşitməmişdik. Bütün camaat doluşub bir nəfər canına qurban olduğum seyidin başına: adamlar bir-birini elə basır ki, qabağa getməyə macal yoxdur. Seyid cənabları nəyə məşğuldur: onun üzünə tüpürür, bunun üzünə tüpürür. Bəs camaat nə eləyir? Camaat da üzünü ağanın qabağına tutub yalvarır: “Ay ağa, mənim də üzümə tüpür”. Məzə burasındadır ki, bu tüpürmək müftə deyil... Hər üzü tüpürcəkli ağaya yaxşıca pul da verir. Və beləliklə müqəddəs ağa bir yarım saatın içində Quba meydanında olan mömin məşədilərin günahlarını öz “təbərrik” tüpürcəyi ilə bağışlayıb özü də çoxluca pullara sahib oldu. Doğrudur, dünyada hər cür vəhşilik ola bilər və çoxlarını biz eşitmişik də. Hətta bunu da eşitdik ki, bir müqəddəs vücud bir günahkar bəndənin üzünə tüpürə bilər, amma doğrudan doğru bunu eşitməmişdik ki, insanın vəhşiliyi o yerə çata ki, üzünü tuta bir eşşəyin birinin qabağına və ona deyə: “Tüpür mənim üzümə!” Və hələ bu tüpürməyə öz cibindən pul da çıxarda verə. Ağlım kəsmir ki, bir özgə yanda da bu vəhşiliyin misli ola bilə. “Yeni yol”, 17 mart 1923, №10 * * * Fəhlə aləmindən Neft fəhlələrinin məvaciblərinin çox hissəsini hər ay Neft idarəsi çıxır ki, onlara ərzaq və paltar versin. Bu, gözəl bir işdi. Belə də olmalıdır, çünki fəhlə nə səbəbə hər gün əziyyət çəkib getsin bazardan baha qiymətə ərzaq ya paltar alsın? Bir də fəhlələr bazardan çox uzaq olurlar. Odur ki, Neft idarəsinin ərzaq şöbəsi məcbur oldu ki, fəhlələrin ərzağını öz vaxtında yetirmək ilə bu yazıqları bir növ rahat etsin. İndi yaxşımı bu vəzifəni əmələ gətirir, pismi əmələ gətirir – bunu Allah bilir, amma biz də bunu bilirik ki, çox vaxt qoxmuş və pas basmış silotka balığı da verilir (bu balıqlar 1919-cu ildə dəryadan tutulublar). Çox vaxt qoxmuş kələm də verilir. Çox vaxt qoxmuş ət də verilir. Bunlar qurtarandan sonra keçək paltara. Hər ay bir təzə xəbər çıxır: Bir ay çəkmə Bir ay qaloş. Bir ay palto. Götür, amma çox danışma! Çəkmə, söz yox, lazımdır, amma külfət də acdı. Odur ki, təzə aldığı çəkmələri fəhlə qardaş aparır satmağa. – Dadaş, hara gedirsən? – Aparıram çəkmələri Quba meydanına. – İndi sən dustaqsan, çünki sən Neftkom çəkməsi satırsan. Fəhlə də belə cavab verir: – Neftkom heç kimə müftə çəkmə bağışlamaz, bu çəkmələr mənim zəhmətimin haqqıdır; mən acam, gərək çəkməni verəm çörəyə, çünki çəkməni yemək olmaz. “Yeni yol”, 17 mart 1923, №10 * * * Pambıq Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı. Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var: Dəlilimin biri budur ki, siz nə pambıq əkmək elmindən xəbərdarsınız, nə əkinçilər sizi tanıyırlar ki, sizdən dəlil-nəsihət qəbul etsinlər. And olsun Allaha ki, mən bu sözü o vədə həmin adamlara dedim. Və axırda mənim sözüm göyərdi: çünki indi bu saat gərək pambıqçılar zəmiləri də hazırlamış olaydılar, pambıq toxumunu da alıb əldə hazır saxlamış olaydılar və bunlar keçəndən sonra hələ bəlkə hökumətdən avans babətindən bir qədər qızıl pul da borc almış olaydılar ki, dəxi həvəslə işə başlayaydılar. * * * Amma indi hamı bunu bildi ki, bu danış[ıl]anların hamısı boş-boş sözlərdir. Və onunçün heç kəs pambıq əkmək fikrində deyil və olmayacaq da və hər nə qədər yazılarsa və danışılarsa pambıq belə gəldi, çiyid belə getdi, – hamısı faydasız qalacaq. * * * Və nə qədər ki, pambıq işinin başında duranlar yuxarıdakılardır, pambıq əkilməyəcək, əkilməyəcək, əkilməyəcək!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 mart 1923, №17 * * * Qısaca Sözü qısaca söyləməyin özü də hünərdir. Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir: Hacızadə nə deyir? – Deyir ki, əkinçilərə kömək etmək lazımdır və kömək etmək də ibarətdir ondan ki, əkinçiyə pul borc vermək lazımdır, kotan vermək lazımdır, toxum vermək lazımdır. Nə qədər ki, bu şeylər kəndlilərə verillməyibdir, ruznamələrdə gördüyümüz dedi-qodular qurtarmayacaqdır. Muxtar Hacızadə deyir: Kənd camaatı hökumətin bütün tələblərinə artıqlaması ilə əməl edir. Bunu bizə ərzaq vergisində kəndlilərin göstərdikləri mərdlik isbat etdi ki, iki milyon pud ərzaq verdilər. İndi də onların tələblərinə əməl olunmalıdır ki, gələcəkdə də yenə öz vəzifələrini bitirə bilsinlər. Bu sözlərdən savayı Hacızadə bir söz də deyir ki; – Qabaqlarda fağır və kasıb əkinçilər bir dövlətli şəxsdən pul borc götürərdi və bu pula öz vaxtında toxum ya qeyri mayəhtac alardı. Taxılını ələ gətirəndən sonra borc sahibinin də borcunu verərdi. Biz belə güman edirik ki, əkinçi aləminə mənsub olan idarələrimiz bu sözləri çox artıq bir mənalı hesab edələr və hesab etdikdə də söz sahibinin arzularının əmələ gəlməyi yolunda artıq ciddi cəhd edələr. Bu sözlərin sahibi sədaqəti və həqiqəti ortalığa qoyub, təmiz bir niyyət ilə başa düşdüyünü deyir. Əgər qabaqlarda kənd əhalisi bir yandansa borc pul tapa bilirdi və özü üçün bir sovurux maşinası ələ gətirirdi ki, taxılını sovurmaq üçün üç ay yay fəslini gözləməyə möhtac olmasın. İndiki əsrdə həmən kəndli gərək həmən borc pulu dəxi də asan vəchlə, dəxi də yüngül şərt ilə tapa. Hər kəs yoldaş Muxtar Hacızadə kimi bu həqiqətləri lazımınca düşünür və düşündükdə də mərd-mərdanə bunu meydana qoyur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 mart 1923, №18, səh. 2-3 * * * “Eşq mədrəsəsi” Eşq mədrəsəsi, məhəbbət ibrətxanası, naz və qəmzə darülfünunu, qucaqlaşma evi. * * * İnsafən bu əlli ilin müddətində teatrımız çox-çox tərəqqi tapdı. O qədər qabağa gəldi ki, indi Mirzə Fətəli birdən dirilə və gələ əyləşə tamaşa otağında. Pərdə qalxandan sonra səhnəmizə tamaşa edə. Yəqin ki, tanımayacaq ki, aya bura haradır, teatrdır ya lotuxanadır. Çünki görəcək ki, bir qapıdan səhnəyə bir ənlik-kirşanlı oğlan çıxdı, bir qapıdan da ənlik-kirşanlı qız çıxdı. Bunlar biri-birinə “Oxqay, qadanı alım” deyə-deyə başladılar biri-biri ilə qucaqlaşıb, öpüşməyə. Tamaşa otağında da əyləşən oğlanlar və qızlar da əllərini biri-birinə çala-çala batində deyirlər: Oxqay-oxqay... Hələ yadıma düşmür ki, indi bizim əlli illik səhnəmizdə bir gün və bir dəfə elə bir tamaşaya rast gələsən ki, orada eşqbazlıq və qucaqlaşmaq hərəkətləri əvəzinə, barı bir dəfə də ayıb mərəzlərimizə gülmək nümayişləri göstərilə. Hal o ki, nə Mirzə Fətəli bizə bu eşqbazlıq mədrəsəsini göstərib, nə qeyri-millətlərin teatr yazıçıları göstərib. Məgər Mulyer belə deyirmiş? Məgər Qoqol kimi bir qələm ustadının varlığı bizə kifayət deyil ki, hərdən bir biçarə avam camaatı da bari hərdən bir də olmuş olsa, öz üstünə güldürüb, eybini özünə nişan verək? Haradan biz bu yolu tutmuşuq və kimdən öyrənmişik? Səbəb nə olub ki, indi teatromuzun əlli illiyində biz səhnələrimizdə “Kimyagər” əsərləri əvəzinə növ-növ mütrübbazlıqlar görürük, “Məstəli şah” kimi bir ibrətli və xeyli məzəli nümayiş əvəzinə şantajlar görürük və hədsizhesabsız qiymətli əsərləri bari tərcümə edib, millətimizə hərdən bir göstərmək əvəzinə hər gün və hər gecə teatrlarımızı zurna-balaban ilə toy-qaval məclisinə oxşadıb, zifaf gecələrini eyni-surətdə cavanlarımızın gözünün qabağına gətiririk ki, fürsəti qənimət bilsinlər və bu fəna dünyanın bağiliğinə də çox ümidvar olmasınlar və o məhəbbət şərbətindən dadmağı tərbiyə və təhsildən sonraya qoymasınlar. Əgər birisi kənardan eşidə ki, Şura hökuməti həmin nümayişlərə qüvvət vermək qəsdi ilə çox-çox pullar buraxır, həmin kəs yəqin edəcək ki, Şura hökumətinin burada özgə məqsədi ola bilməz, savay teatr vasitəsilə Şərqin fanatizmi kimi bir qüvvətli düşmən ilə mübarizəyə çıxmaq. Bəs, hanı?... Quba meydanında mömin məşədilərimiz öz əlləri ilə bir lotu seyidə pul verib, öz üzlərinə tüpürdürlər. Teatrlarımız nə deyir? Məhərrəmlik günləri müsəlman küçələrində Afrikanın vəhşiləri tək mərəkəsi asimana bülənd olur. Teatrlarımız nə deyir? Evlərimizdə qızlarımızın halı, arvadlarımızın halı, küçələrdə keçəl kiçik oğlanlarımızın halı. Teatrımız nə deyir? Min-min belə-belə dərdlərimizin varlığı ilə hər gün ki, gəlirsən teatrda bir saat dincələsən, görürsən bir ənlik-kirşanlı qız belə bir oğlan ilə qucaqlaşmaqdadırlar. Xob, deyirsən görüm bunlar kimdirlər və nə danışırlar? Oğlanlar: Öz artistlərimizdir və öz dilimizi danışırlar. Amma qızlar ağızlarını açıb danışanda, onda bilirsən ki, bunlar çoxusu heç bizim millətin qızları deyil. Onda duyursan ki, burada bir saxtakarlıq var. Onda bilirsən ki, bu qızların çoxunun bu səhnəyə çıxmaqları ondan ötrü deyilmiş ki, məişətimizin eybini göstərsinlər və tamaşaçıya bir “İllüziya” versinlər. Bunların fəziləti ancaq budur ki, ancaq səhnəmizə gəlibçıxan bunlardır. Dəxi bundan başqası yoxdur. Bəs, bu imiş bizim əlli illik teatrımızın yadigarı?... Dəxi özgə bir şeyə ehtiyacımız yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 aprel 1923, №19, səh. 2-3 * * * Yadigar Belə eşidirik ki, türk teatrını bir neçə yad adamlar icarəyə götürmək istəyirlər. Çox lağlağılıq da bir şeyə yaramaz: söz müxtəsər lazımdır. Və bunu da deyirlər ki, bu yad adamların içində özümüzünkülərdən də birisi var. Ağacı qurt içindən yeyər. Ağama ərz olsun ki, əgər bu söhbət doğru olsa, bunun bir yaxşı nəticəsi ola bilər: o da budur ki, teatrımızda müdirlik və rejissorluq üstə baş verən intriqlər dəxi öz-özünə yox olar. Söz müxtəsər yaxşıdır, yoxsa lağlağılıqdan bir mətləb hasil olmaz. Əgər teatrı yadlara icarəyə vermək ondan ötəridir ki, teatrın məxaricinə davam gətirə bilmirik-mümkün imiş xərcləri azaltmaq. Məsələn, məgər ağır xərc götürən balet dəstəsi ki, indi onun heç lüzumu yoxdur, teatrdan uzaqlaşsa zəlzələ olar? Əgər bu yerə də qala ki, məsələn, hələlikdən – nümayişlərin lap şirin yerində çalmağı yarımçıq qoyub müdirin otağına məvacibdən ötəri doluşan muzikaçılar hələlikdən teatrdan uzaqlaşsa, yəqin ki, ”vəl-vəleyi-səqfü asiman” olmaz. Doğrudur, bu qısaltmalar xudanəkərdə, baş tutsa, Quba meydançaları bizdən xeyli narazı olalar gərək. Amma, əcəba, teatrımızın əlli illik yubileyi əsrində bizə məgər yenə gərək səhnəmizi küçə lotularının məzaqına uyuşduraq? Söz müxtəsər lazımdır: əgər bir yavuq vaxtda teatrımız icarə ünvanı ilə yadların ixtiyarına keçsə, bunu da gərək teatrın yubileyi günü qeyd edək və o günü teatr dostlarına mücdə verək ki, teatrımızın ömrü əlli il imiş ki, birinci nümayişi başlanıb. Mirzə Fətəlinin ”Hacı Qara”sından və axırıncı nümayiş yenə haman əsər ilə imama yetişir. Demək, dramamızın ömrü əlli il imiş. Lağlağılıq bir şeyə yaramaz. Lağlağı “Yeni yol” 31 mart 1923, №11 * * * İsa Əleyhüssəlamın möcüzü Hərçənd avam camaat içində bu cür danışıq həmişə ortalığa gəlir ki, indiki əsrdə dəxi möcüz vaqe ola bilməz. Belə məlum olur ki, bu əqidə puç bir əqidədir və qədim əsrlərdə peyğəmbərlər və imamlar tərəfindən baş verən möcüzələr indiki əsrdə də üz verə bilər və aşağıdakı əhvalatı hər bir insaf əhli oxuyub görəcək ki, yazdığımızda bir zərrə qədər şəkk yoxdur və ola bilməz. Novruz bayramına bir neçə gün qalmış Bakıda Merkuri küçəsində qalan şikəst əsgərlərin altmış nəfəri sürünə-sürünə özlərini salır idarələrin birinə ki, bəlkə bayram münasibətilə bədbəxtlərə orada bir cüzi bayramlıq verilsin. Müdir isə həmin əziz günləri mülahizə edib kərəm üstə gəlir və “pənah Allaha” deyib buyurur ki, həmin altmış nəfərə bir girvənkə torpaqlı kişmiş verilsin, yəni çaharşənbə yemişi verilsin. Bəli, hökm olunur və verilir. Hərçənd şikəstlər istəyirlər qəbul etməyələr ki, məsələn, guya altmış nəfərin qarnını bir girvənkə torpaqlı kişmiş doydurmaz; amma belə deyilmiş. Çünki axırda belə məlum oldu ki, şikəstlər kişmişi təmizləyib yarısını da tullayandan sonra qalanını altmış yerə təqsim etdilər və hamısının da qarnı doydu, gözü də doydu. Hələ həzrət İsa kimi peyğəmbər qırx acın qarnını iki girvənkə çörəklə doyuzdurmağa o vədə bir böyük möcüz adı qoydular. Amma şərt budur ki, altmış acın qarnını bir girvənkə kişmişlə doyuzdurasan. Demək, müdir cənablarının möcüzü İsa əleyhüssəlamın möcüzünü də ötüb keçdi. Dəli “Molla Nəsrəddin”, 14 aprel 1923, №20 * * * Mükafat Hər bir zəhmətin axırı mükafatdır ki, zəhmət çəkənə verilər. Türk tənqid-təbliğ teatrosunun da zəhmətkeş müdirlərinə layiqincə mükafat verildi. Bu da ibarətdir ondan ki, bu ilin teatr mövsümü axıra çatan vaxtlarda teatrın maliyyə işlərini diqqəti-tam ilə bir neçə həftənin müddətində təftiş və təhqiqdən, uzun-uzadı sualcavabdan keçirtdilər ki, görsünlər hər bir şey yerbəyerdir. Rəsmi surətdə xəbər verildi ki, türk təbliğ-tənqid teatrosu işlərində heç bir nöqsan və xəyanət müşahidə olunmayıb. Bu, belə. Amma zənn edirəm ki, iş bununla gərək qurtarmaya. Çünki danışırlar ki, türk tənqid və təbliğ teatrosundan şeytənət edən cənab həmin teatrodan qabaqlarda xaric olan yoldaşların biri imiş ki, bu hərəkəti ilə intiqam almaq istəyirmiş. Əlbəttə, məsələ bununla gərək tamam olmaya. Çünki yoldaşdan danos verən yoldaş dəxi bundan sonra səhnə kimi pakizə bir yerə qədəm qoymağa çox-çox gərək həya edə. Lağlağı “Molla Nəsrəddin”, №20, səh. 3, 14/IV-1923 * * * Kəmənd E... e... e... Ay gözünə dönüm ovçu, sərvəqt ol, yaxşı fürsətdir, kəməndi əlində hazır saxla; çünki bir parə dinsiz cavanlar məşədi və kərbəlayı balalarını çaşdırıblar, yoldan çıxarmaq istəyirlər və bəlkə də çıxarıb qurtarıblar. Kəməndi hazır et, bəlkə dinsizlərin əlindən qurtarıb qaçan “xam”ları bir “fənd”lə kəməndə salıb öz mübarək dininə tabe edəsən... Hərif meydanda özünü tək görüb meydan suluyur. Bəli, şuraçılar müsəlman cavanlarının əqidələrini xarab etdilər, möminlərin övladını ata-baba imanından bir qədər kənar saldılar, behiştlik hacı balalarını rus və erməniyə oxşatdılar, pak etiqada rəxnə yetirdilər və xülaseyi-kəlam, behiştlikləri huri vətənindən soyutdular, müqəddəsləri ruzi-rizvan həvəsindən saldılar, cənnət eşqinin ləzzətini götürdülər, firdövsün kövsər suyunu dandılar və yavaş-yavaş, beləliklə, o yerə gəlib çatdılar ki, indi az qalıbdır müsəlman qardaşlar şəkk gətirsinlər ki, – nəuzübillah, bu nə sözdür, bu nə əfsanədir, – Allahdan icazə olmayınca və “Camei-Abbas” rəva görməyincə insan heç bir yerə qədəm qoya bilməz, o heç bir işi başlaya bilməz və hətta-dilim qurusun-filan yerə gedəndə də çox-çox şəriət və qanuna tabe olmalıdır və ilax... Demək, hərif meydanda özünü tək görür, çünki islam şəriətmədarları hərəsi bir siçan deşiyinə girib. Pəs fürsət vaxtıdır! Çünki Məşədi və kərbalayılar dinsiz yaşaya bilməyəcəklər; çünki mikroblar həmişə kəsafət üstə yığışırlar; çünki cəhalətlə qaralmış Şərq elmi indiyə kimi bir dəqiqə də molla əmisiz və huri qılmansız qərar tuta bilməyib. Odur ki, “hərif” öz dininin intişar nicatını, əlbəttə, Şotlandiyada yox, Fransa və Amerikada yox, Şimali Rusiyada yox, ancaq nadanlıq zəminəsində, avamlıq meydanında, fanatizm daxilində, dünya elm və fənlərindən uzaq düşmüş və dini əqidələr içində çürümüş biçarə müsəlman camaatı içində axtara bilər və axtarmaqdadır. * * * Və “axtaran tapar” kimi, hərif də axtardığını tapır; çünki heç bir millət bizim hacı və məşədilər kimi huri və abi-kövsərpərəst deyillər. Ələlxüsus ki, hərifin vədələrinin şirinliyi islam vaizlərinin şirinliyindən az deyil: Orada da haman axirət, orada da haman səadət, orada da ruhlar yeddinci göylərə merac edir, orada da cənnət, cəhənnəm, cin, şəyatin, şeytənət və şarlatanlıq, bekarlıq və bədbəxtlik. * * * İndi dəxi deyəsən “həriflər” islam vaizlərinə macal verirlər; çünki hər yandan bunların “təbliğ” sədaları gəlir. Kəsif bir bədəndən həşərat uzaq olmayan kimi, müqəddəs islam millətindən də bu zalım oğulları da əl götürmürlər. * * * Molla əmi cəmi müridlərinə salam yetirir. Dünən bir mədrəsənin qabağından keçirdim, lövhədə yazılmışdı: Yer elmi, 2) Tarix, 3) Hesab, 4) Təbiət tarixi, 5) Nücum elmi, 6) Sosializm. Və bunlardan savayı yenə bir neçə belə-belə sözlər yazılmışdı; amma həriflər burada gözümə sataşmamışdı; çünki cəmi mikroblar işıqdan qorxarlar. Hər kəs mən dediyimi başa düşdü, düşdü; hər kəs başa düşmədisə, afərin onun zehninə... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 aprel 1923, №21 * * * Ağac Ağac çox gözəl bir şeydir. Ələlxüsus yayın istisində ağacın kölgəsi gözəl nemətlərin biridir. Məsələn: Gəncə, Tiflisdə Müştəhid bağı (canımsan a Bakı!). Amma Şuşa qalası, doğrudur, yay fəslində bimisl bir yerdir. Amma hayıf ki, indiyə kimi ağacı yox idi. Çünki şəhər dağın təpəsində düşüb və bu nainsaf su bilmirəm niyə aşağıdan yuxarı getmir. Onun üçün də Şuşa qalasında indiyə kimi küçələrin heç birində nə arx, nə kölgə verən ağac olmazdı. Amma indi Allaha şükür komunxoz müdirinin çalışmağı nəticəsində bu üzümüzə gələn il Şuşa şəhərinə hər kəsin yolu düşsə, orada gözəl xiyabanlar, uca-uca kölgəli ağaclar görəcək. Çünki müdir cənabları hökm edib hər dükanın və hər evin qabağında bir ağac əkilsin. Hər kəs əkməsə, yüz manat qızıl pul cəriməsidir. Hərçənd tənbəl Şuşa qalalılar atılıb-düşdülər ki, axı susuz yerdə ağac əkilsə də faydası yoxdur. Çünki quruyub, odun olacaq. Amma hökm öz yerində və öz gücündə qalıb və niyə də qalmasın və qalmağının nə ziyanı. Əgər ağac əkilər, heç olmasa quruyub odun da olsa yenə qışda lazım olar. Əkilməsə də hər ağaca yüz manat – gör hara vuracaq. Şuşa qalasının yan hissəsini tikmək olar. Hər hal, pulun heç bir şeyə ziyanı yoxdur. Onda da qızıl pul ola. Onsuz da hər bir kəsin cibi doludur qızıl pulnan. Qoy beş-on çuval da Şuşa komunxozuna yetişsin. Heç eybi yoxdur. İmza İdarədən: Biz buna təəccüb edirik ki, ağaclar susuz qalmaq ilə nə səbəbə qurusunlar. Bir surətdə ki, qala camaatı il uzunu susuz qalır. Bəs, niyə qurumur? Qoy dul arvadlar dallarında suqabı üç verst yol gedib ətrafdakı bulaqlardan bir az artıq su daşısınlar. “Cırcırama” “Molla Nəsrəddin”, 21 aprel 1923, №21, səh. 4 * * * Mətbəələr Qəzetlərdən İnşallah, bəlkə axırda hamı təngə gəlib yuxudan ayıla və görə ki, mətbəə baş idarəsi qəzetçilərin və kitabçıların başına nə iş gətirir. Ərz olsun ağamın xidmətinə ki, Bakının cəmi mətbəələrini bir dəstə əşxas alıb və ixtiyarına və hər nə bacarır, qəzet və kitab çıxardanların başına gətirir. Çünki fürsət vaxtıdır. Bir tərəfdən əmələləri işlədir, işlədir və axırda öz kefi istədiyi vaxt, kefi istədiyi qədər onların qabağına az-çox xərclik atır. Bir tərəfdən də sifarişlərdən o qədər beh qiymət alır ki, müharibədən qabaqkı zamanda bu qiymətlərin üçündən birini mətbəələr almırdılar. Biz elə bilirdik ki, bu cür mətbəə hökuməti tək bircə Bakıdadır; amma belə məlum olur ki, bunların əmsalı Rusiyada da vardır. Bu barədə Sevastopol şəhərində “Mayak kommunnı” qəzeti bizdən də bədtər dad-fəryad edir. Biz elə bilirdik ki, mətbəə padşahlarının zülmü bircə “Molla Nəsrəddin”lə “Yeni yol” qəzeti barəsindədir. Amma belə məlum olur ki, zalım uşaqları hamını sağıb yola salırlar. Amma deyəsən yer üzündə tək bircə Bakı şəhəridir ki, Maarif Komissarlığının varlığı ilə mətbəələri bir dəstə adam ixtiyarına alıb, maarif idarəsini mətbəə işlərinə qarışmağa yol vermirlər. Cırcırama “Molla Nəsrəddin”, 12 may 1923, №23 * * * Müəllim Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar. Bu rus dili məktəbləri müəllimləri barəsindədir. Amma bizim türk müəllimlərinə gəldikdə bir o qədər nigarançılıq yoxdur; çünki Bakıda bizim türk məktəblərimiz, uşaq yurdlarımız, müəllimxanalarımız cəmisi maarif baş idarəsi yox, Bakı maarif şöbəsi ixtiyarındadır ki, müxtəsərcə bu idarəyə “BONO” deyirlər. Biz o qədər də öz müəllimlərimizdən yana nigaran olmayaq gərək; çünki Bakıda bizim cəmi məktəb və müəllim məsələlərimiz “BONO”nun iki nəfər türk dili bilməyən müdirlərinin ixtiyarındadır. Nə eybi var? Görürsən ki, bunlar türk dili bilməyə-bilməyə maarif işlərimizi nə gözəl yeridirlər ki, dəxi müəllim qeydinə qalmağımıza lüzum görsənmir. Doğrudur, Bakı maarif şöbəsinə uzaqdan baxanda elə nəzərə gəlir ki, dünyada guya heç bir nəfər də “BONO” müdirliyinə layiq olan türk pedaqoqu tapılmır. Amma bununla bərabər, yenə məsləhət budur ki, biz öz məktəb və müəllim məsələlərimizi Bakı şöbəsinin türk dili bilməyən maarif müdirlərinin öhdəsinə mühəvvəl edək; çünki biz mömin müsəlmanların bundan vacib məsələlərimiz var: budur orucluq qurtarır, məhərrəm daxil olur, biz müsəlmanıq, təklifimiz hər halda çoxdur. Dünyanı bir az da boş tutmaq. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1923, №23 * * * Mayın biri Bu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər. Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır. Bu bayram tək bir millətin bayramı deyil, müəyyən bir məmləkətin bayramı deyil: nəinki tək bircə Rusiyada, bəlkə sair məmləkətlərin hamısında mayın birini bayram saxlayırlar. Amma yer üzündə təkcə bircə millət, tək bircə məmləkət, tək bircə torpaq var ki, orada bilməzlər may nə deməkdir: o məmləkətin ismi-şərifi İrandır. Fəqət xoşbəxt məmləkətdir: doğrudan da bir tərəfə baxanda, yəni nə hay-huy, nə mərəkə? Niyə gözəl vaxtını bihudə hay-küyə sərf edəsən, bir surətdə ki, bu hay-huydan sənə bir axirət mənfəəti hasil olmayacaq? Odur ki, İranda mayın birin tanımazlar. Amma di gəl nimeyi-şəbanə: pəh-pəh! Mən ölüm bir gəl cəlala, cəlala tamaşa qıl! O qədər ki, məsələn, Təbrizdə hökumət tərəfindən nimeyi-şəban gecəsi atəşbazlığa barıt, güllə xərclənir – bunun yüzdə biri şahsevən quldurların qabağını almağa xərclənmir ki, yazıq fəqir-füqəra evində rahat yata bilsin. İndi gəl rəmazan ayının gecələrinə: ta axşamdan səhərə kimi küçələr çilovqanlıq, çayxana və meyxanalarda eyş-işrət, çalıb çağırmaq və hər növ şadyanalıq... Çünki bunlar bihudə deyil: burada mülahizə var, burada gözətləmə var. Burada axirət məsələsi var. Amma mayın birini burada tanımazlar. Mığmığa “Yeni yol”, 12 may 1923, №15 * * * Mənə nə! Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm. Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır. İndi gələk yeni türk əlifbasına. İndi sən nə deyirsən: bu yaxşımı şeydir, lazımlımı işdir, yerindədirmi bu ixtira, vaxtındadırmı bu inqilab? Bəli, bunlar hamısı yerindədir və yeni hürufata sözüm yoxdur. – Bəs, nə istəyirsən? Bizlə varsan ya yox? – Xeyr. – Nə səbəbə, balam? Sözün nədir? – Sözüm budur ki, bu işdə mənim adım yoxdur. – Xub, indi, bəs, nə eləmək? İndi, bəs, fikrin nədir? – Fikrim budur ki, mən də yeni hürufatı hər yeri gələndə pisləyəm. – Pislə, əzizim, pislə. Hərçənd çax-çax ancaq öz başını ağrıtmağa qadirdir; hərçənd dəyirman işləyəcək və pislik sən kimi tək vətən düşmənlərinə qalacaq; amma yenə sən “bərayi-ehtiyat”, öz işində ol, öz pisləməyində ol. Qoy sənin üçün bu da bir təsəlli olsun; qoy sənin tərəfindən ərəb hürufatına bu da bir “matəm və təziyədari” hesab olunsun. Lağlağı “Yeni yol”, 12 may 1923, №15 * * * Qızıl kimi söz Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır. Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir. Qalmışdır, bircə, Nabatın talağını verib, başdan rədd eləmək işi... Bunun fikri başımı lap gicəlləndirmişdi. Hər nə fənd qurdum ki, bəlkə, canı inciyə, “malım həlal, canım azad” deyə, başımdan rədd ola. Olmurdu ki, olmurdu... Neçə gün küsülü qaldım, danışdırmadım, haçan danışırdı, savaşdım, dalaşdım, hətta srağa gün, evdə qaş-qabaqlı oturmuşdum; bu işin çarəsini düşünürdüm, – tərs qızı tərs kimi birdən bir tək səbir gətirdi. Ağzıma gələni dedim. Bu da bir bəlanın birisidir, dilini kəsmədi. Hər nə ağır söz dedimsə, hamısını özümə qaytarıb cavabımı verdi. Axırda bir-iki təpik sayəsində kəsilmiş dilini saxladı; amma zalım balasının dilindən “malım həlal, canım azad” sözü çıxmadı. Qaldım mat-məəttəl. Bir tərəfdən bunu boşadıqda: kəbin, cehiz haqqını vermək, o biri tərəfdən də təzə toy xərcini çəkmək, bu bahalıq vaxtında heç bacardığım iş olmayacaq idi. Düşündüm, çarəsini tapdım; bəxtimə dedim, bəlkə tuta... Cibimə bir dənə onluq qızıl qoydum. Sonra Nabatı çarşabını başına örtdürüb, söyə-söyə saldım yanıma. Düz gətirdim Hacı Molla Sadıq axundun yanına. Qızıl onluğu qoydum ağzıma və dişlərim arasında tutdum. Dedim: – Hacı axund! Bu mənim əyalımdı, məni incidir, mən ilə yola getmir; oruc-namazımı da mənə həram eləyibdir. İndi təlağını verib boşamaq istəyirəm. Hacı axund, Nabatdan, boşanmaq barəsində nə sözü olmağını soruşdu. “Şəriət cəhaqqımı versin, boşasın” – deyə Nabat cavab verdi. Qabaqca dişlərimin arasında qızıl onluğu görməyən, Hacı axunda bu dəfə lap yaxşı görsətdim və məsələni qaş-gözüm ilə anlatdım. Dedim: – Hacı axund! O axundluğuna and olsun, mümkünüm yoxdur; bu bahalıqda başımı ancaq dolandırıram. Nabat istədi, yalanımı çıxartsın və razı olmasın, Hacı axund macal verməyib üstünə qışqırdı və: – Kəs səsini, məlunə! Kişi ağzında qızıl kimi söz danışır, and içir. O yalan deyir, sən doğru deyirsən? Yaramaz, sözün şəriətcə məqbul deyil. Və talağını kəsib, kağızını əlinə verdi, işi bitirdi. Təmənləşib, Hacı axunddan ayrılanda qızıl onluğu dişlərimin arasından çıxarıb, ovcuna basdım: dua eliyə-eliyə çıxdım, getdim işimə. Atası rəhmətlik Hacı axund canımı o biimanın əlindən əcəb asandca qurtardı getdi. Cüvəllağı “Yeni yol”, 12 may 1923, №15 * * * İzhari-təşəkkür Nə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur. Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür. Bəh-bəh-bəh! Bu tərəfdən də bugünkü may ayının on yeddisidir. İsəvilərin böyük və müqəddəs bayramıdır. Bu gün İsanın merac etdiyi gündür ki, rusca “Voznesenie” deyirlər. Bəh-bəh-bəh! Nə gözəl gün, nə səadətli gün! Böyük xoşbəxtlik burasındadır ki, bu gün həmi də pəncşənbə günüdür ki, sabahısı cümə və tətil günüdür. Nə gözəl gün, nə ali bir nemət! Gəz, dolan, nə qədər ki, kefindir. Yat, nə qədər kefindir. Namaz qıl, nə qədər ki, kefindir. Bir belə əzəmətli günü hamıdan qabaq yada salan zəhmət komissarı oldu. Bu şərafətli bayrama bir neçə gün qalmış qəzetələrdə elan elədi ki, cəmi mömin və dindar müsəlmanlar və cəmi mömin və dindar xaçpərəstlər may ayının on yeddisini gərək bayram saxlayalar. Əlbəttə, gərək bayram saxlayalar ki, axirətdə mizan tərəzi qurulanda nə onlar xəcil olub başlarını aşağa salsınlar, nə zəhmət komissarlığını xəcil eləsinlər. Bundan əlavə, həmin bu mübarək bayramın ki, dalı da mübarək cümədir və Azərbaycan millətinin rəsmi tətil günüdür. Habelə həmin cümə günü də müvafiq qayda və söz yox ki, həmişəki kimi tətildir. Demək həmi əzəmətli cümə axşamı, həmi cümə günü. Bu iki gün biri-birinin dalıca elə bir müqəddəs və ali əzəmətli və şərafətli bayramlardır ki, birisi cürət edib pendir sata, ya su dükanlarından birisi bir vedrə su sata. Ya birisi bir spiçka alış-verişi edə. O vədə müqəssirə səxt tər tənbeh olunacaq. Azərbaycan Şura Cümhuriyyətinin zəhmət naziri yoldaş İtgin Mənim yadıma müqəddəs Təbriz şəhəri düşdü. Orada eydi-fitr barəsində əyalətdən bir hökm sadir olmadı. Bu nəyə dəlalət edir? Bu ona dəlalət edir ki, Təbrizdə yazıq müsəlman bəndələrin o dünyaya üzü sulu getməyinin fikrinə düşən bir hökumət yox idi. Minlərcə şükür edirik ki, biz günahkar müsəlmanların istirahət ruhunun fikrinə qalan idarəmiz var. Hələ namərd ingilislər bizi töhmətləndirirlər ki, biz din ilə mübarizə edirik. Nə qədər böhtan! Nə dərəcədə ədalətsizlik! Allah cəmi mömin bəndələrin ruhunu hər iki dünyada şad etsin! 17 may 1923, Bakıda “Molla Nəsrəddin” 19 may 1923, №24 * * * Teatr işləri Yay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu. Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki? Mən yenə deyirəm, hər şəhərin öz artisti var. Siz nə istəyirsiniz? Bu gün-sabah da məhərrəmlik gəlir. Bax, buna nə demişəm. Gəl onda camaata bax, calala bax, məscid və minbərə bax, xərc-məsarifə bax. Gör nə qədər pullar töküləcək çölə. Mən ölüm bizdən əl çək! Qardaş, istəmirik. Zornan ki, deyil. Lağlağı “Molla Nəsrəddin”, 16 iyun 1923-cü il, №25 * * * Rəşidül-məmalik İrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı. * * * O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi. Bu pəhlivanın da adı Rəşidül-məmalikdir ki, Xalxal tərəfində iki min İran rəiyyətinin qanını tökübdür. Amma bu iki məlunun qəzavü qədərləri bir-birinə çox oxşayır: Hacı Səməd xan həmin il Qafqazda boğaz ağrısından murdar oldu. Belə məlum olur ki, bu biri cəlladın əlində bir əngəl var; çünki inana bilmirik bu zalım oğlu zalım törətdiyi hədsiz cövr və sitəmin müqabilində şura hökumətinin əlindən qurtarıb bir də azad yaşaya bilə. (Lənətulla əla qövməz-zalimin). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 iyun 1923, №26 * * * Ticarət Qədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər. Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar. Bu saat İranda qızğın seçkidir: məclisə millət vəkilləri seçilir. Ortalıqda çox pullar sərf olunur: İran pulu, Turan pulu, Firəngistan pulu, Bülucistan pulu, İngiltərə və Osmanlı pulu və qeyri pullar. Bir hammala iki qran versən, onun rəyini alacaqsan. Belə-belə rəylərdən neçə min cəm edib və intixab komisyonundan tərifə alıb özünü verəcəksən vəkalət davası edənlərin yanına. Kto bolşe? Hər kəs çox versə, hammalların rəylərini o ağaya biri beş tümənə satacaqsan. Bu qazancı nə İran tacirləri özləri görüb, nə onların babası. Elə vəkil bilirəm (100000 üssəltənə) ki, on beş tümən xərc qoyub və qoyduğu hədər yerə də getməyib; çünki intixab olunubdur. Belə ticarəti heç sənin baban da görməyib. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 iyul 1923, №27 * * * Hara düşüm? Bir müşkül məsələyə rast gəlmişəm və hər kəsə də deyirəm, mənim kimi məəttəl qalır. Azərbaycan kəndlərinə mənim tez-tez yolum düşür: qulluq işlərindən ötrü gah o kəndə gedirəm, gah bu kəndə gedirəm. Bunun eybi yoxdu; doğrudur, səfərin özünün əziyyəti var, amma səfası da az deyil. Bir çətin iş burasındadır ki, bilmirəm hara düşüm? Uzaqdan kəndə yavıqlaşanda qabaqca ikimərtəbəli ev görsənir; bu ev kəndin padşahının evidir. Qıraq-bucaqdakı evlərin biri lüt Qurbanın evidir, biri dilənçi Zöhrənin evidir. Bunu da bilirəm ki, bu fəqir-füqəranın evində bir mətləb yoxdur: bir-iki caddan savayı yeməli bir şey tapılmaz – o da yetim balasının payıdır. Amma mən gərək elə bir yerə düşəm ki, özüm də ac qalmayam, yanımdakı on iki nəfər atlılarım da ac qalmasın. Daha burada bir özgə fikir lazım deyil; çünki ikimərtəbəli evə atımı sürüb yavuqlaşan kimi on iki kişi çıxıb atlarımızın cilovundan yapışır, on iki arvad da toyuq-cücələri pərən-pərən salıb elə bir çığırtı və hay-küy salırlar ki, adamın ruhu şad olur və yolun yorğunluğu o dəmdə yaddan çıxıb gedir. Yarım saat çəkmir ki, samavar dəmdə, çolpa plov dəmdə, atlarımız da arpanı qovurqa kimi şirin-şirin xırtıldadırlar. Yatıb yorğunluğumuzu alırıq və istəyirik yola düşüb gedək. Bir şey xoşuma gəlmir: o yerdə ki, istəyirik atları minək, yola düşək – divarın dibində çönbələn kəndlilər dururlar ayağa, ikiqat baş yendirib deyirlər: – Ağa, şikayətimiz var. – Ay balam, kimdən? – Ay ağa, haman ev sahibindən ki, siz indi onunla ayrılanda qucaqlaşdız. – Nə, nədir şikayətin? – Ağa, başına dolanım, haman kəndin padşahı dünən oğlunu göndərib həyətimizdə var-yox bir toyuq və bir xoruz var idi – tutub aparıb ki, sabah kəndə filan ağa qonaq gələcək. Bir özgəsi də belə şikayət eləyir: – Ağa, qurbanın olum, var-yox bircə inəyim var idi, südünü sağırdım, yetimlərə yavanlıq eləyirdim; haman kəndin padşahı inəyi aparıb qatıb pəyəsinə ki, sənin babavun mənim babama borcu var idi. Qalan şikayətçilər də bu minval ilə. Bu dəfə şikayətçiləri bir tövr başdan elədim, amma çətin iş burasındadır ki, əgər mən o şikayətlərə ədalət ilə baxsam, bir də mən bu kəndə gələndə hara düşüm? Çətin iş burasındadır. Lağlağı “Yeni yol”, 8 iyul 1923, №21 * * * “Molla Nəsrəddin” aeroplanı Axır vaxtlarda çün kəndli və fəhlələr arasında yazıb oxumaq o qədər yuxarı dərəcəyə qalxıb ki, dəxi gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan çıxanda sübh tezdən, sabahı günü ancaq Qazaxa və Qaryaginə və Gəncəyə çatır; belə olanda “Molla Nəsrəddin” jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir. Məlumdur ki, kəndlilər buna razı ola bilməzlər; ondan ötrü ki, savadsızlığı ortalıqdan qaldıran idarələrin dövlətindən indi dəxi gündəlik qəzetlər kəndlilərin iştəhasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola. Məlumdur ki, bunun öhdəsindən bircə aeroplan gələr ki, jurnalımızı götürsün göyə və Azərbaycan kəndlərinə yarpaq kimi səpələsin və kəndlilər də bir-birini basa-basa qapış-qapış edib oxusunlar, necə ki, bir az vaxtdan sonra, inşallah, qeyri aeroplanlı qəzetləri oxumaq xoşbəxtliyinə çatacaqlar. İş ki belə oldu, biz bununla elan edirik ki, “Molla Nəsrəddin” adında bir aeroplan bina etmək qəsdinə gəlmişik və ümidvarıq ki, tez vaxtda camaat tərəfindən idarəmizə o qədər qızıl pul daxil ola ki, biz də bir aeroplan ala bilək. Və yəqin edirik ki, bir surətdə ki, qeyri, qəzetlərin aeroplanı üçün Qazaxdan, Gəncədən, Şamxordan və Naxçıvandan neçə min manat qızıl cəm olub göndərilir, səbəb nədir ki, “Molla Nəsrəddin” aeroplanına göndərilməsin. Halbuki, “Molla Nəsrəddin” jurnalı hələ qazaxlıların və şamxorluların öz ana dilində yazılır. Amma bunu da qeyd edirəm ki, necə ki, üç yüz manatlıq kəhər atı şamxorlular “Bakinski raboçi”nin aeroplanına qurban etdilər, nəqd min manat qızıl pulu naxçıvanlılar yenə həmin qəzetin aeroplanı üçün vəqf ediblər, eybi yoxdur, mən paxıl adam deyiləm, amma Allah rizasına ümidvar olacağam ki, dostum şamxorlular və həmşəhərlim naxçıvanlılar, çünki maarifpərəst və qəzetpərəst olmaqların igid kimi sübuta yetirdilər. Molla Əminin aeroplanı yolunda da səxavətə gələrlər və bizə inşallah və yenə də inşallah pul göndərərlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyul 1923, №28 * * * Qənaət Deyirlər ki, hökumət xəzinəsi kasıbdır. Lazımdır qənaət yolları axtarıb, tapmaq. Bakı şurası maliyyə müdiri Andreyev “Bakinski raboçi” qəzetində yaxşı qənaət yolu ortalığa qoyur: Deyir: Lazımdır uşaq yurdlarını bağlamaq, yetimləri küçəyə salmaq. Bu maliyyə müdirinin əqidəsi. Uşaq yurdlarının yetimlərindən bir neçəsi bu gün idarəmizə bu məzmunda bir giley-güzar yazıb, göndəriblər. Uşaqlar yazır: Əgər xəzinə kasıblayıbsa və qənaət yolu axtarmaq lazım gəlirsə, bizi küçəyə tökməsinlər. Bir az fikirləşsinlər. Çox-çox qənaət yolu tapa bilərlər. Bu yolların ikisi indi yadımızdadır ki, yazırıq və bundan savayı da yenə çox-çox belə qənaət yolları axtarıb tapa bilərlər. Biri budur ki, bu il yaylaqlara azarlı adı ilə gedən çox-sox qoluçomaq müdirlərin yaylaq xərcinin yarısı bizim uşaq yurdlarının bir illik məsarifini görər. İkinci də Bakı şəhərində səhərdən axşamadək və axşamdan səhərədək küçələrdə o yan-bu yana fırıldayan avtomobillərin xərcidir ki, hamısı xəzinədən çıxır. Çünki məlumdur ki, yad adamın avtomobili ola bilməz. Bəs, kimdir o avtomobillərdə o yuz-bu yüzə qaçanlar? Doğrudur, bunların bir neçəsi fövri qulluq işlərini yerinə yetirir. Amma vallah-billah çox-çoxları məhzi-təşəxxüs və xəzinə üçün nahaqq xərcdir. Allah şahiddir ki, dünya yaranandan indiyə kimi bu avtomobillərin birinə bircə nəfər kəndlinin azarlısı minib, həkim yanına getməyibdir. Raboçi də bunun kimi. Xülasə, bunlar ilə işim yoxdur. Ancaq bizi küçəyə nə səbəbə tökürsünüz? Bir surətdə ki, xəzinə üçün neçə-neçə belə qənaət yolları yenə bilirik. Yetimlər tərəfindən “Dəli” “Molla Nəsrəddin”, 14 iyul 1923-cü il, №28. səh. 24 * * * Qatma-qarışıq Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur. Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır. Əgər müəllimlər kursunun müdiri Bakı şurası maliyyə müdiri tərəfindən kəm ehtiramlıq görürsə, əlbəttə, bunun bir hikməti var ki, belə olur. Bunlar Allah məsləhətidir. Mən ölüm, darıxma. Cırcırama “Molla Nəsrəddin”, 14 iyul 1923, №28, səh. 4 * * * Cümə Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir. Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar. Amma mənim bir kasıb qonşum var, özü də tək arvaddı, özü də ayda bir az məvacibə komunxozda qulluq edir. Bu arvad cümə axşamı eşidən kimi ürəyi qırt düşür; deyirəm: – Niyə qorxdun? Deyir: – Cümə ki gəldi-iki gün susuz qalacağam. İki gün susuzdan ciyərlərim yanacaq. Deyirəm: – Nə danışırsan? Deyir: – Vallah-billah yalan demirəm, çünki cümə axşamı və cümə günləri su budkaları bağlı olur. Deyirəm: – Niyə bağlı olur? Deyir: – Hökumət qərardadır. Deyirəm: – Heç ürəyini sıxma, iki gün susuz qalmaq ilə ölməzsən, bir az ciyərlərin yansa da, eybi yoxdu; amma burasını unutma ki, o biri tərəfdən də çox savab qazanırsan, çünki əziz günlərdə su içmək günahdır. Doğrudur, səni öz başına qoysalar, cümə gününün qədrini bilməzsən və avamlığından gedib çox su içərsən. Amma sən özbaşına deyilsən, sənin hökumətin var, o qoymaz sən günah əmələ mürtəkib olasan və əziz bir gündə gedib doyunca su içəsən. Və bir də bura Azərbaycandı – burda milli tətil günü doyunca su içmək olmaz. Lağlağı “Yeni yol”, 18 iyul 1923, №22 * * * Söz pəhləvanı Çəyirtkə qırmaq aləmindən Atalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”. Əgər yoldaş Stepanovun müvəffəqiyyəti bundan ibarətdir ki, yay çəyirtkəsi Muğanda ancaq hələ altı min desyatin pambıq yeyib –bəs elədə yoldaş Stepanov hələ bu şadlığı çox da tələsik qabağa salmasın, çünki hələ çəyirtkə bu saat havada uçmaqdadır və Muğanın qalan bostan – bağçalarını və üzümlərini neçə dəfə hələ yeyib qurtara bilər. Doğrudur, çəyirtkə alimi yoldaş Şidlovski iyul ayının 3-də ”Bakinski raboçi ” qəzetində bizi inandırdı ki, daha yay çəyirtkəsinin qorxusu yoxdur, o səbəbə ki, yay çəyirtkəsi öz əcəli ilə puça çıxacaq; amma bədbəxtliyin böyüyü buradadır ki, İran çəyirtkəsi yoldaş Şidlovskinin “ensiklopediyadan” bixəbərdir və indinin bu saatında yoldaş Sidlovskinin əqidəsinin əksinə olaraq əkinləri şirin-şirin yeməkdədir. Məqaləsinin axırında – bu sözləri yazıb qurtarandan sonra yoldaş Stepanov belə bir məzəli söz də buraxıb: ”bu il bizim çəyirtkə qırmaq işlərimiz kənd camaatını ayıldacaqdır”. Stepanovun həmin sözlərini biz də təsdiq edirik: əlbəttə, üç ay əkinlərə qoyduqları zəhmətdən sonra kəndlilər yeyilmiş əkinlərinə tamaşa edəndən sonra, əlbəttə, gərək ayılalar və çox da gərək ayılalar. İndi ki, söhbət İran çəyirtkəsindən düşüb, qoy barı biz də bunu deyək ki, ”Yazıq İran çəyirtkəsi! Allah özü hamıdan yaxşı bilir ki, aya Muğanı yeyən tək bircə İran çəyirtkəsi olub, ya bizim öz çəyirtkəmiz də ona qarışıb”. Sözün düzünü bircə ”Zarya Vostoka” deyib: ”Lazımdı bu ilki çəyirtkə işlərini təftiş və təhqiq etmək, onda işin əsil həqiqəti, əlbəttə, üzə çıxar”. M. n. “Yeni yol”, 6 avqust 1923, №24 * * * Məhərrəmlik “Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir. Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir. Bu barədə çox-çox sözlər danışılıb, çox sözlər yazılıb; amma yenə həmin vəhşilik və yenə həmin dəlilik. Lakin hər şeyin bir axırı olan kimi, bunun da gərək bir axırı ola. Və əgər bu barədə qələm sahiblərinin, “natiq” və “fəzillərin” dəlilli və isbatlı moizələri yenə təsir bağışlamasa və yenə əgər lotu-potular küçələrə düşüb, qonşu millətləri üstümüzə güldürməkdən əl çəkməsələr, onda həmin bambılıların da qulağından yapışıb dəlixanaya salmaq lazım gələcək. Mığmığa “Yeni yol” 6 avqust 1923, №24 * * * Məhərrəmlik Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir. Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin. * * * Mənim sözüm orasında deyil; sözüm orasındadır ki, indi haman yığıncaqlarda natiqin biri ki, məsələn deyir – qardaşlar! Baş yarmayın və bədəninizi zəncirlə yaralamayın, çünki başı insana Allah-taala ondan ötrü verməyib ki, baş sahibi öz əli ilə öz başını yaralasın, ondan ötrü veribdir ki, məsələn, birinin başına yara toxunanda, o biri insan başını işlətsin və bu yaraya bir dərman tapsın. Bədəni ondan ötrü Allah-taala öz mömin bəndələrinə verməyib ki, mömin bəndə öz yumruğu ilə öz döşünü zədələsin; ondan ötrü verib ki, insan döşünü qabağa verib, bir tərəfdən əhlü əyalına çörək qazansın və lazım olan yerdə də döşünü qabağa verib vətənini mühafizə eləsin. Mən çox istərdim biləm ki, həmin natiqlərin və vaizlərin nəsihətini eşidən camaat bu sözləri danışanlara nə cavab verir. Amma, mənim zənnimcə, gərək bu sözlərin cavabını camaat bu cür verə: Gərək deyə: – Ey bizim əziz natiqlərimiz! Bu sözlər ki, burada danışdınız – bu sözlərdən biz çox rəncidəxatir olduq. O səbəbə ki, bu sözləri məhz vəhşilərə demək olar; çünki ancaq vəhşi adam öz başını və döşünü yaralar; ancaq dəli və divanə küçələrə düşüb əlinə bir dəyənək alar və nərə təpə-təpə dünyavü aləmi öz nadanlığına tamaşaçı qərar verər. Vaqeən çox ağır sözdür. Elə qanıram ki, bu nəsihətləri eşidən camaatda bir az-maz naziklik olsa, gərək bir az həya edə. Çünki belə nəsihətləri bircə dəli-divanəyə edərlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 avqust 1923, №29 * * * Təziyədarlar Keçən il yox, altdakı 1292-ci il məhərrəmlik təziyəsində Bakıda yüz iyirmi dörd min nəfər müsəlman cavanları küçələrdə iyirmi yeddi gün “Ya Əli, ya Hüseyn” deyə-deyə nərə çəkib, şaxsey getdilər və Aşura günü başlarını yardılar. Həmən il tutulan statistik hesaba görə, həmin bu qədər cavanlar bu siniflərə təqsim olunurlar. Yaşları Bunların yüzdə yetmiş hissəsi beş yaşdan tutmuş on iki yaşa kimi balaca uşaqlardır. Yüzdə on beş hissəsi on üçdən iyirmi bir yaşa çatmışlardır. Qalan on beş hissəsi iyirmi ikidən otuz və otuz beşə çatanlardır. Sənətləri Yüzdə əlli hissəsi oğru və cibgir və hambal, qəssablardır, aşpaz və mikidançılar, yüzdə beş hissəsi evgədələri və qalan beş hissəsi araba və fayton atlarını tumarlayanlar hissəsi və fayton-araba sürənlərdir. Adları Çoxları kəblayı, azları məşədi və çoxu da “filanbala”lardır. İçlərində nə hacı var, nə molla və mərsiyəxan, nə mirzə və bəy və xan. (Hələ oxumuşları demirəm ki, lap mürtədirlər). Savadları Bu yüz iyirmi dörd min cavanın yüzdə doxsan doqquzu yarım savadsızdır. Qalan yarım faizi növhəmi adətkərdə oxuyanlardır. Kitab oxuyan, kağız yazan bircə nəfər də yox. (Hələ elm oxuyanı demirəm ki, lap kafirdirlər). Evlilik barəsində Bu cavanların yüzdə doxsan payı nişanlı axtaranlardır. Yüzdə beşi ikinci arvad axtaranlardır. Qalanları oynaş axtaran və göz-qaş atanlardır. Etiqad barəsində Əgər bunların bir nəfərinin imama doğrudan ürəyi yanırsa, onların hamısının babalı mənim boynuma olsun. Cırcırama “Molla Nəsrəddin”, №29, səh. 4-5, 11\VIII-1923 * * * Keçən günlər Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər. Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın. Bir vaxt vardı, bizim artistlərimizin bekarları ”skilik” ilə şöhrət tapmaq istəyirdilər və tapırdılar da. Hələ indinin bu saatında da belə-belə meymunların sayı az deyil. Amma indi daha düşünməyin vaxtı gəlib çatıbdır. İndi daha zəmanə bilmərrə dəyişilibdir. Dəfələrlə deyilib və yazılıb ki, keçənlərdə padşah hökuməti dövründə bu sözləri danışmağın mənası yox idi, çünki camaatımızın başçıları xanlar, knyazlar və hətta intelligentlərimiz özlərini elə bir şövq ilə və həvəslə ”ski”ləşdirmişdilər ki, onların içində bu sözləri danışmaq üçün böyük cürət lazım idi. O ki qaldı, qara camaata, bunlar da, söz yox, başda duran siniflərin dalıyca gedirdi. İş belə olanda daha öz ana sözlərimizin ”ski”ləşməyinin böyük bir hörməti var idi, ona görə də nəinki Təzəpir məscidinin küçəsini ”Təzəpirski” edəndə bizim xoşumuza gəlirdi, hətta az qalmışdı mollalarımız da minbər üstə Məhəmməd və imamları çöndərib ”Maqometski” və ”imamski” eləsinlər. Hələ burada bir nöqtə də var ki, onu da nəzərə almağımız pis olmaz. Günahın hamısı yox, ancaq yarısını mən padşah hökuməti üstünə yıxıram. Bizim bu cür meymunlaşmağımıza səbəb o qədər də padşah hökuməti deyildi, nə qədər ki, bizim öz səfahətimiz idi, çünki bu barədə padşahın zorundan artıq bizim meymunluğumuz iş görürdü. Və həmin meymunluğun milliləşməyimizə bu qədər müsaidət verməyinin vücudilə bizim mömin hacılarımızın dilindən ”Təzəpirski” küçələr hələ düşmür. Hələ bu saat da ”ski” quyruqlu böyük-böyük ”ağalarımız” yenə hələ meymunluqlarından əl götürmürlər. Mığmığa “Yeni yol” qəzeti, 14 avqust 1923, №25 * * * Gəncə qiraətxanası İnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir. Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq. Götürək Gəncə qiraətxanasını. Əgər Allah-taalanın həmin qiraətxanaya mərhəmət nəzəri olsaydı nə pulu yellərdi, nə də yayın istisində evi elə damardı ki, oxucular kitab və qəzetə oxuyanda elə cumculuq olardılar ki, guya paltarlı-zadlı suya düşüblər. Hələ yazda bərk yağış yağanda evin dammağını eşitmişdik. Bu yayın cırlamasında evin dammağı – yəni çe? Bu belə. İndi keçək pul məsələsinə. Bəli, ravi belə rəvayət edir ki, bir-iki ay bundan qabaq Gəncə maarifbazları yığışdılar, belə məsləhət elədilər ki, kitabxananın kitablarını artırmaqdan ötrü bir “Koloniya” düzəltsinlər ki, türkcə ona gəzmək deyirlər, ərəb və farsca da təfərrügah kimi bir şey deyirlər. Bəli, yığışdılar, gəzdilər, çaldılar, çağırdılar və bu fənd ilə bir qədər pul yığıb, bir əmin adam axtardılar ki, pulları saxlayanda tamahı düşməsin. İndi kimə verək? Əlbəttə, əgər tək bircə adama tapşırsam, ola bilər ki, tamahı düşə və götürüb xərcləyə. Nə eləyək, nə eləməyək? Ağıl-ağıla verəndən sonra pulları gətirib tapşırdılar “Soyuza”. Çünki “Soyuz” dəxi nə tövr pulu yeyə bilər? Soyuzun nə ağzı var, nə dişi var. Bununla bərabər indi bir məsələ var. İndi lazımdır kitab almaq. Buna da pul lazımdır. Pul da soyuzda. Amma nədənsə ortalığa pul çıxmır. Hər kəsə deyirsən, deyir xəbərim yoxdur. Maarif müdirinə də deyəndə, cavab verir ki; “Pullar soyuzda salamatdır”. Amma bir tərəfə baxanda görürsən ki, pul yoxdur. Doğrudur, pul yeyilməyib və inşallah da yeyilməz. Amma ortalığa pul söhbəti gələndə, heç kəs puldan bir xəbər verilmir. Bunlar hamısı Allah məsləhətidir. Əgər Gəncə kitabxanasının alnına yazılmış olsa ki, onun kitabları artsın, onda soyuz da pulları qoyar ortalığa. Əgər yazılmamış olsa, bu da bir ayrı söhbətdir. Hər halda, bu işlər Allah-taalanın öz yanındadır. Lağlağı “Molla Nəsrəddin”, №30, səh. 4-5, 18/VIII-1923 * * * İki dilbər Heşəstçəm-be miyan... Mənim evim rus kilsəsi ilə Təzəpir məscidinin ortalığındadır. Onun üçün ki, dünyada məndən də xoşbəxt bir insan gərək olmasın. Kilsənin zəngi vurulanda evimizdə danışmaq mümkün deyil. Çünki bir danışan o biri danışanın səsini eşitməz. Məsciddə də məhərrəm günləri təbil vurulanda bizim balaca uşaqlar, ələlxüsus azarlı olanda yuxudan dik atılıb, ağlaşırlar. Hələ təbil dərdinin ömrü azdı. Beş-on gün məhərrəmlikdədir. Amma kilsənin zəngi bu saat qulağımda cingildəyir. Doğrudur, məscidin azan səsinin və kilsənin zəng səsinin bərəkətindən popların və axundların inandırmağına görə lap behiştlərin əla mərtəbələrində olacağam. Amma sözüm bu dünyanın, o dünyanın barəsində deyil. Sözüm oradadır ki, dünən mənzilimdə oturmuşdum və uzaqdan Təzəpir məscidinin imarətinə baxırdım və baxa-baxa xəyalıma gəldi ki, əgər xaçpərəstlər bu kilsə əvəzinə bunun yerində bir teatr, ya da bir yetimxana tiksəydilər, indi bu saat Bakı şəhəri bu teatrın və ya yetim evinin vücuduna nə qədər iftixar eləyirdilər. Əgər Təzəpir məscidinə qoyulan həqqi-səy və məsarifi bir darülelmin binasına qoymuş olsaydılar, indi burada elə bir universitet tikilmişdi ki, ingilislərin Oksfordundan geri qalmırdı. Daranq... bay dik atıldım. Kilsənin zəngi vuruldu. Bu gün İsa peyğəmbərin asqıran günüdür. Gur... Bay uşaq yuxudan sərasimə atıldı; Bu gün məhərrəmlik təbli döyüldü. Adamın yadına köhnə və qaranlıq əsrlər düşür. Guya ki, indi heç şura əsri deyil. Allahın altında biləydim; dəxi nə qədər bu behişt vəhşilikləri davam edəcək. Lağlağı “Molla Nəsrəddin”, 8 sentyabr 1923, №31, səh. 5 * * * Savad məktəbləri Mən bu məqaləni o qəsd ilə yazmıram ki, savad məktəblərinə əmələ və kəndlilərimiz həvəs göstərsinlər və həmin məktəblərə şövq ilə doluşub savad öyrənsinlər. Niyə o qəsd ilə yazmıram? O səbəbə o qəsd ilə yazmıram ki, hamısı birdir, mənim yazmağım, ya yazmamağım ilə fəhlə və kəndlilərimiz savad məktəblərinə savad öyrənməyə çox artıq həvəs etməyəcəklər. Niyə etməyəcəklər? O səbəbə ki, bizim indiki əsrin fəhlə və kəndlilərinin yüzdə doxsan doqquzu kablayı və məşədidirlər (şaxsey, şaxsey!) və məlumdur ki, nə kablayı olan adam savadın qədrini bilər, nə məşədi olan adam savadın qədrini bilər və haqqı da var bilməməyə; o səbəbə ki növhəni növhəxan oxuyanda mənə ancaq sinə vurmaq lazımdır və dəxi burada savad oldu, olmadı, təfavüt eləməz (əzmi-cihad etmisən, ey sərvərim!). Keçək mətləb üstə. Bir vaxt var idi ki, bütün Azərbaycan aləmi indiki kimi yenə savaddan-zaddan uzaq idi. Onda bəhanəmiz bu idi ki, Nikolay dayıoğlumuz qoymurdu öz dilimizdə açılışaq. Doğrudur, qoymurdu. Və bəlkə onun qoymamağındandır ki, indi fəhlə və kəndlilərimizin yüzdə doxsan doqquz hissəsi kablayı və məşədidir (necə qan ağlamasın daş bu gün). İndi də Şura hökuməti hər yanda ki, mümkündür və hər nə qədər mümkündür savad məktəbləri açır ki, mən görürəm ki, mənim dostum fəhlə Kabla İmamqulu 22 yaşında, özü savadsız, gedib savad öyrənmir. Dünən onu küçədə gördüm, dedim: – Hara gedirsən? Dedi: – Xorasana: Soruşdum: – Niyə? Dedi: – Ziyarətə (fəda olum sənə, ya imam Rza!). İndi nə etməli? Bizim qarşımızda Xorasan və Məşhədi-müqəddəs kimi “Savad məktəbi” durub. Sən gündə min yerdə savad məktəbi aç, amma nə qədər ki, sənin indiki fəhlə və kəndlilərinin adı kablayı və məşədidir, – onlardan savad gözləmək olmaz, olmaz! (Çünki fikirlər müqəddəs zəhər ilə zəhərləniblər). A kişi, çavuş carlıyır: Hər başda var əlaməti-sövdayi-Kərbəla, Görsün səfər tədarükünü, karvan gedir. * * * Hə, istəyirdim məqaləmi qurtaram, amma bir “mabəd” yadıma düşdü: Hələ doğrudan da zarafat kənarda dursun. Biz ha deyirik: nə bilim savad məktəbləri, nə bilim elm-maarif... Bayaq mən məşədi söhbətini zarafat babətindən ortalığa saldım. İndi gəl bir doğru danışaq. İndi ki, bizim qarşımızda Məşhədi-müqəddəs ilə Kərbəlayi Müəlla kimi möhkəm fanatizim qalaları durubdur, indi ayə nə eləməliyik? Görək buna nitq və qələm sahiblərimiz nə deyir? Görək bunun müqabilində kommunistin tədbiri nədir, “Yeni fikir” və “Gənc işçi”nin təklifi nədir? Həyə məni deyirsən, – mənim ki, yaşadığımız əsrin qartlaşmış kablayi və məşədilərindən gözüm su içmir. Yenə ümid cavanlaradır. La hövlə vəla qüvvətən illah billahi əliyyül-əzim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 sentyabr 1923, №31 * * * Bəxt İnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək. Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar. Pulları yığıb qabaqca bilmədilər kimə tapşırsınlar ki, pullar salamat qalsın, axırda fikirləşdilər və belə məsləhət gördülər ki, pulları sayuza tapşırsınlar, çünki sayuzun ağzı və dişi yoxdur ki, pulları yesin. Elə də elədilər. Axırda pul tapşıranlar başladılar pulları istəməyə ki, kitab alsınlar. Bu gün-sabah, bu gün-sabah. Axırda məlum oldu ki, pullar yeyilib; a kişi, necə yeyilib, belə şey olarmı? Bəli, belədir, yeyilib. Di gör bəxtnəndi, ya yox: insanın ki, bəxti oldu, dişli-ağızlı adam da onun pulunu yeməz, amma bəxti ki, olmadı, onun pulunu sayuz da yeyər, hələ bəlkə mayuz da yeyər. Lağlağı “Yeni yol”, 12 sentyabr 1923, №28 * * * İspalkom imtahanı Həmən bu otuz ikinci nömrədən məcmuəmizdə “İspalkom imtahanı” sərlövhədə səhifə açmağı qərar qoyduq. “İspalkom” – rus sözüdür, bunun mənası “icraiyyə komitəsi sədri” deməkdir. Bəli, mətləb budur: Cəmi oxucularımıza məlumdur ki, Azərbaycan cümhuriyyətində on yeddi qəza ispalkomu var, çünki on yeddi qəza icraiyyə komitəsi var, əlbəttə, bu on yeddi komitə sədrləri, yəni ispalkomları, hərəsi bir cürdür, necə də ki, beş barmağın hərəsi bir cürdür. Bu da yaranmışların xilqətində qoyulmuş bir hikmətdir: görürsən milyard-milyard insanların ikisini tapa bilməzsən ki, bir-birinə oxşaya. Belədi ispalkomlar: biri şüurludur, biri şüursuz; yəni biri bu dünyanın təqazasını duyan və özü üçün gün ağlamağı bacaran, amma biri zehni və fərasətdən uzaq, sabahkı günü mülahizə etməyən, nə bilim rəiyyətdir – nədi, ona kömək çıxan və fəqir-füqəraya tərəfdar olub, öz şəxsi işlərini xidmətinə qurban edən kəmtəcrübələrdir. Xülasə ki, hərəsi bir cürdür. Biri hirsli, biri sakit, biri adam döyən, biri ucaboy, biri alçaqboy, biri rəiyyətin atasını-anasını söyən, biri heç bir kəsi söyməyən, biri kəndə gələn kimi kasıb rəiyyətdən qayqanaq tələb edən, biri yalvarsan da müftə bir tikə yavan çörək də kasıbdan istəməyən, biri əsil kəndli dostu, biri həqiqi qolçomaq, birinin cəlalı qədim xan cəlalı kimi, biri həqiqi rəiyyət yoldaşı... Xülasə, biri elə, biri belə. Biri dövlətli Hacı Heydərdə gözəl bir at görəndə kişinin üstə min böhtan atıb dustağa salır ki, atını sahiblənsin, amma o biri ispalkom, bir dövlətli hacıya rast gələndə onu məzəmmət edir ki, niyə cibindən beş-on şahı çıxardıb qonşuluqdakı yetim uşaqların dəftər-qələminə sərf etmirsən. Biri çalışıb milisə qəzet-kitab gətirdən; amma o birinin yanında qəzet sözü danışanda deyir: “Kommunist” qəzeti də cəhənnəm olsun, “Yeni fikir” də səqərə getsin, “Molla Nəsrəddin” tünbətün düşsün. İndi hünər istərəm o şəxslərdən və o müxbirlərimizdən ki, qəza ispalkomlarımızın şücaətlərindən yazıb idarəmizə səhih məlumat verərlər. Səhih ondan ötrü deyirəm ki, nasəhih sözü hər bir kəsin barəsində danışmaqdan dünyada əskik peşə yoxdur və ola da bilməz. Məlumat verənlərin heç birinin adı heç bir vəchlə bir kəsə verilməyəcək. Doğru və təhqiq olunmuş məlumat məcmuəmizdə çap olunacaq, hər bir ispalkomun nameyi-əmalı kəmahüvə həqqəhu yazılacaq. Çox məzəli və gülüncə layiq olan ispalkom dadaşlarının karikaturu da məcmuəmizdə üç etik ilə çəkiləcək; qəlbi qara, gözləri qırmızı və üzü ağ (adam adama deyər: üzün ağ olsun!). Bunu da əlavə edirik ki, idarəmizə doğru və dürüst məlumat göndərənləri özümüzə həmişəlik müxbir qərar verib ona pulsuz məcmuə göndərəcəyik. Molla Nəsrəddin Artırma: İndilikdə söhbətimiz qəza ispalkomları barəsindədir. Nahiyə və kənd ispalkomlarının imtahanı gələcəkdə başlanacaq. Ondan da sonra növbə ukomların, zemkomların və qeyri-qeyri komlarındır. M. n. “Molla Nəsrəddin”, 15 sentyabr 1923, №32 * * * Dəmir yol Dünən getmişdim Bakı vağzalına. Bilet sandığının qabağında düzülən cərgənin quyruğu gəlib küçəyə çıxmışdı. Deyirdilər ki, bu qədər adamın hamısı səhərdən növbəyə durublar. Birinci zəng vuruldu, həmin cərgədə duranlar tərpəşmədilər, ikinci zəng vuruldu, yenə həmin halət: heç kəs yeridən tərpənmir. Üçüncü zəng vuruldu, yenə duranlar yerində durublar. Amma söz burasındadır ki, çox-çox cavanlar gördüm ki, cərgədə duranlara baxmayıb hərə cibindən bir möhürlü kağız çıxartdı, uzatdı bilet satana ki, “mən məsul işçiyəm”. O dəmdə kağıza peçat basıldı və kağız sahibi keçdi getdi vaqonun istədiyi yerində özünə yer tutdu və maşın hərəkət elədi. Dünən mən cərgədə gördüyüm camaatın hamısı qaldı; çünki maşın ancaq məsul işçiləri götürdü apardı. Amma yerdə qalanların çox-çoxu... kasıb-kusub idilər ha!.. * * * Birisi məndən soruşdu: – Bəs, mən nə eləyim ki, asanlıqla minib gedim Şamxora? Dedim: – Lazımdır bir qulaqlı şalvar, bir ləzgi çəkməsi, boğazı lap uzun, belini elə çək ki, gürcü xanımının belindən incə olsun, papağı bas gözünə, qoltuğunda da bir portfel. Cibindən bir məsul işçilik kağızı çıxart (çox ucuzdu). Eləcə vağzala yetişən kimi ştempel basdır, gir vaqona. Dünən mən gördüyüm dəmir yol qatarı – məsul işçi qatarı idi. Bəs, bundan yaxşısı bu deyilmi ki, bir ayrıca, xüsusi bir məsul işçi dəmir yolu çəkələr ki, “qeyri məsul” bəndələrə də dəmir yolu ilə tərəddüd etmək qismət olsun? Məgər onları cənab Allah yaratmayıb? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 sentyabr 1923, №33 * * * Maarif işləri Məktəblər də milliləşdi, yəni hər millətin özünün məktəbi olacaq və hər millətin məktəbinə özgə millətin uşaqları heç bir vəch ilə götürülməyəcək və götürülmür: türk məktəbinə rus, ya erməni götürülməyəcək, rus məktəbinə erməni, türk və gürcü götürülməyəcək və götürülmür. Demək, bu barədə beynəlmilləlik üsulu işləməyəcək. * * * Mən bu məqalədə türk uşaqlarının sözünü danışıram: Əlbəttə, hər millət öz maarif işində müstəqil olmalı və məktəblərdə də elmləri öz dilində təhsil eləməli, necə ki, kiçik siniflərdə və kiçik məktəbdə, habelə böyük siniflərdə və ali məktəblərdə, yəni darülfünunlarda. Amma burada bir məsələ var ki, onun həlli üçün mən bir neçə təcrübəli pedaqoqlarımız ilə müfəssəl danışığa girişdim. Bu məsələ özlüyündə iki parçaya bölünür: biri budur ki, axı bizim dərs mətbuatı çox kasıbdır; məktəblərimizdə kitab şkafları yox surətindədir. Bəs, uşaqlarımız elmləri yaman-yaxşı öz dilimizdə oxusalar da, qiraətsiz və mütaliəsiz özlərini necə yetirə biləcəklər? Bu bir tərəfi. Qaldı ikinci çox böyük və mühüm məsələ: şagirdlərimiz orta məktəbləri qurtarandan sonra hansı darülfünunlara təhsili tamam etməyə keçəcəklər. Söz səbəbindən Rusiya universitetlərinə, nə də Bakı darülfünunlarına qəbul oluna bilməzlər. Bəs, hara gedəcəklər? İstambula? Əgər belə isə, elədə indidən yaxşı deyilmi bunu bilmək? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 sentyabr 1923, №34 * * * Yığıntı Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”. Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya). Hələ təəccüb burasındadır ki, İstilah komitəsi qanmamazlıqdan “yerbil” və “dörtiş” sözlərini ortalığa çıxartmışdı, amma təəccüb burasındadır ki, özgə məhəllələrindən çıxan kitabların üstündə haradan “yığıntı” kimi ayıb–ayıb sözlər ortalığa çıxdı. Krılov babanın nağılında deyilən kimi, bizim könlümüz qoyun əti istəyəndə bizi yüz yerdən gülləyə basırdılar ki, ay haray, “dil əldən getdi”, amma özləri indi gözəl-gözəl “məcmuə” və “sbornik” sözlərini qoyub başlayırlar “yığıntı” kimi axmaq–uxmaq istilahlar düzəltməyə. Ayıb olsun. Cırcırama “Yeni yol” qəzeti, 8 oktyabr 1923, №31 * * * Bistü-həştüm Biz aşağıda qol qoyan mömin müsəlmanlar zəhmət komissarı həmin oktyabr ayının səkkizində bir belə dekret çıxarmışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömin müsəlmanlar həmin gün tətil eləsinlər; yəni işləməsinlər. Biz mömin müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazara, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? – bir kəs bizə bir cavab verə bilmədi. Axırda getdik “Təzəpir” məscidinə cəm olan kor, şil əməleyi-mövtadan bu məsələni soruşanda dedilər ki, səfər ayının iyirmi səkkiz bistü həştümdür; yəni həmin gün vəhşi ərəblərin biri yumruqnan vurub bir özgə vəhşi ərəbin burnunu qanadıb. Onunçün də bizim rizaməndliyimiz yoldaş zəhmət komissarına bu barədədir ki, əgər onun dekreti olmasa idi, Allahın yolundan azan müsəlmanlar bistü həştüm gününün hörmətini saxlamayacaq idilər və belə bir əziz gün yaddan çıxacaq idi və biz mömin müsəlmanlar bu feyzdən məhrum olacaq idik. Heç Nikolay dayının da vəziri biz mömin müsəlmanlara özünü bu dərəcədə dindar göstərmirdi. Ay zalım oğlu zalım! Lap müsəlmanların behiştinin locasındadır. Mömin və bisavad müsəlmanların əvəzindən qol qoydu Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 oktyabr 1923, №35 * * * Yad etməli Qəzet sütunlarında dərc olunan məqalələrin çox hissəsi ondan ötrü yazılır ki, oxucular haman gün oxuyub qoysunlar kənara və sabahkı nömrəni gözləsinlər. Amma bu gündəlik məqalələrin içində elələri də var ki, oxucu haman məqaləni oxuyandan sonra qoltuq dəftərinin içinə qoyur, saxlayır ki, yaddan çıxmasın. O məqalələrin biri “Kommunist” qəzetinin 234-cü nömrəsində “Əziz qonaqlara diqqət” sərlövhədə “R” imzası ilə birinci səhifədə dərc olunan məqalədir. Məqalə belə başlanır: “Bu axır vaxt Bakıya bəzən ən uzaq qəzalardan bir çox kəndli gəlməkdədir. Bunlar hamısı hal-hazırda kənd təsərrüfatı vergisi cəm edilmək üzrə bir çox məsələləri və ixtilafları mərkəzdə həll etməkdən ötrü kəndlilər tərəfindən göndərilən nümayəndələrdir. Bunlardan çoxu heç bir vaxt gəlmədikləri böyük şəhərə varid olduqda öz işləri cəhətində haraya müraciət etməyi və hansı idarəyə gedəcəklərini bilmirlər. Xalq ərzaq komissarlığında aldıqları məlumat onları təmin etmir, ... Bir idarədən başqa bir idarəyə çapıb, cürbəcür komissarlıqlara müraciət edirlər. Nəhayət, lazımi müavinəti ala bilmirlər... ”. Məqalənin bir yerində belə yazılıb: “Biz böyük vəzifələr götürüb şəhərlə kənd arasında rabitə və münasibət vücuda gətirmək istəyirik; fəqət indi yəqindir kəndlilərə hüquqi müavinət göstərmək işini qaydaya salmağa çalışmırıq... ”. * * * Qoca Molla Nəsrəddin məqalə sahibinə salam söyləyir və öz tərəfindən deyir ki, axır vaxtlarda qoca Molla Nəsrəddin də görürdü ki, Bakının küçələrində hərdən bir cırıq-mırıq kəndli dəstələri divarlara baxa-baxa küçələri dolanırlar. Molla Nəsrəddin bunu bilirdi ki, bunlar kimdilər, nədən ötrü şəhərə qayıdırlar. Amma qoca Molla Nəsrəddin müntəzir idi ki, görək qələm sahiblərimiz nə deyəcəklər? Cavan yazıçılarımız nə yazacaqlar? Molla Nəsrəddin köhnə dostları hesab olunan kəndlilər barəsində cavanlıq həvəsi və hövsələsi olan vaxt kifayət qədərində yazıbdır. İndi də növbə cavan yazıçılarımızındır. Qoca Molla Nəsrəddin yenə naümid olmadı: cırıq-mırıq kənd nümayəndələrini Bakının küçələrində pozğun bir halda görəndə Molla əmi öz-özünə deyirdi: əcəba, bunları məndən savayı görən qələm sahiblərimiz yoxdurmu? İndi Molla əmi şükür edir ki, yuxarıda söylədiyi məqaləyə rast gəldi; minlərcə şükr edir ki, “R” imzalı məqalə sahibi Molla əmini şəkdən çıxartdı. Minlərcə yaşasın kəndlilərə nisyə yox, nəqd tərəfdar olmağı bacaran “R” imzalı məqalə sahibləri!.. Molla Nəsrəddin. Və bir də: Söhbətini saldığımız məqalənin anlayanlar üçün mənası çox dərin və əhəmiyyəti çox artıqdır. Anlamayanlara dəxi mən nə eləyim... M. n. “Molla Nəsrəddin”, 24 oktyabr 1923, №36 * * * Bəhanə İnsanın bədəni ki, çox qocalıqdan ölməyə hazırlaşır, həmişə özü üçün qabaqca bir azar tapır və həmin azar bunun ölməyinə bir bəhanə olur, çünki onsuz da öləcək. Şuşa şəhərində yaz fəsli bir qəzet çıxırdı, yazısı ərəb hərfləri ilə idi. İndi Şuşadan yazırlar ki, qəzetin düzəni şəhərdən çıxıb getməyi səbəbindən qəzet dəxi bağlandı. Belə-belə şeylər türk qəzetlərinin başına hər ay və hər gün gəlməkdədir. Bu gün Şəkidə bir türk qəzeti çıxır,sabah eşidirsən ki, bağlandı. – Niyə bağlandı? – Düzənin burnunda çöp qalıb. Sabah eşidirsən ki, Gəncədə türk məcmuəsi çıxır, o biri gün deyirlər ki, bağlandı. – Niyə? – Düzənin qarnı sancılanıb. Bunlar hamısı bəhanədir, bunlar hamısı ərəb əlifbasının acalının (əcəlinin) yavıqlaşmasına dəlalət edir. Məlumdur ki, hər bir qəzetin davamı oxucuların varlığına bağlıdır. Oxucu oldu, qəzet davam edəcək; olmadı, davam etməyəcək. Qəzet və kitablarımız nə qədər ki, oxunuşu çətin və imlası pozğun ərəb əlifbası ilə yazılacaq, özlərinə oxucular topluya bilməyəcəklər. Və mətbuat da yavaş-yavaş ölməyə üz qoyacaq, – necə də ki, ölür. Yoxsa başqa səbəblərin hamısı, ancaq bəhanədir. “Yeni yol” qəzeti, 8 noyabr 1923, №34 * * * Şütüri-zəman Bu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir? “Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır. Cırcırama “Molla Nəsrəddin”, 17 noyabr 1923, №37 * * * Qaranlıqda “Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal. Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ” * * * Şəki qəzeti həmin neft məsələsini axırıncı səhifədə yazmağının səbəbi budur ki, Azərbaycan kəndlilərinin qaranlıqda qalmağından da vacib qeyri məsələlər var ki, o məsələləri qəzet sahibi qəzetin qabaqkı üç səhifəsində yazıbdır. Bununla belə Molla Nəsrəddin öz tərəfindən qəzetə salam göndərir və bu neft məsələsini çap etməyi babətindən artıq razılıq edir. Yenə sağ olsun ki, yazıbdır. İndi gələk kəndlilərin qaranlıqda qalmalarına bais olanlara. Bunlar iki nəfər tacir cənablarıdır ki, hər ikisi Yevlaxda əyləşib özlərinə çoxlu pullar qazanmaqdadırlar. Birinin adı Kərəm Hacıyev (Allah, kərəminə şükür), birinin adı deyəsən Hüseynov (səni də imam Hüseynə tapşırıram). Bunların qabaqkısı Qarabağ kəndlilərini qaranlıqda saxlamağa podrata götürüb. O birisi də Şəki mahalının kəndlilərini qaranlıqda saxlamağı icarə edib. Bu iki nəfər tacir cənabları Bakıda hansı idarə ilə bu şərti kəsiblər ki, Bakıdan Yevlağa bunlardan savayı bir nəfər adam da neft gətirsə, onu hökumət milisləri tutub yıxsınlar yerə, yumşaq yerlərinə o qədər vursunlar ki, qırmızı olsun. Müxtəsər, monopoliya məsələsi. Bəli, görürsən ki, iki həftənin ərzində Ağdama yainki Nuxaya neft gəlmədi. Həriflər Yevlaxdan səs buraxırlar ki, Bakıda neft talvarlarına od düşüb, neft yanıb qurtarıb. Görürsən neft qalxıb qızıl qiymətinə. Ədə, yerit nefti, durma, fürsət vaxtıdır!.. Bir kirvənkə neft – iki pud buğdaya, üç pud arpaya. Dəxi oxuculara nə lazım artıq dərd-sər vermək?! * * * “Şəki fəhləsi” bu məsələni dördüncü səhifədə yazır; ondan ötrü ki, qəzetin bu məsələdən vacib özgə məsələləri qabaq səhifədə yazılıb. Amma Molla Nəsrəddin həmin qaranlıq məsələsini qabaq səhifəsində yazır; ondan ötrü [ki, ] bu məsələdən vacib mollanın özgə məsələsi yoxdur. O səbəbə ki, Molla Nəsrəddin kəndçilərin köhnə dostudur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 noyabr 1923, №38 * * * Şərq qadını “Şərq qadını” məcmuəsi çıxmağı münasibətilə Başıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!.. Ədə, filan, filan şudə, sən cürət elədin mənim arvadımın adını soruşdun? Qarnını doldurram!.. Ört üzünü, ay məlunə! Allah sənə lənət eləsin! “Şərq qadını” islam aləminin tamam bədbəxtliyidir. Təbriz kimi böyük bir şəhərdə tək bircə tikili görə bilməzsən ki, onun uca-uca divarlarında küçəyə çıxan bir baca olsun: heç bir tərəfdən nəfəs gələn yeri yoxdur; qeyri islam şəhərləri də belə. Səbəbi? Evləri dustaqxanaya döndərməyə nə lüzum? Həmin Şərq qadını məsələsi!.. * * * Başımız çox ağrıdı. Çox töhmətlərə giriftar olduq, çox lənətlər qazandıq, çox zərərlər çəkdik. 1907-ci ildə birinci dəfə məcmuəmizdə qadın azadlığını söhbət salan günü Tiflisdə bazar-dükan bağlandı. Müdirimiz qaçdı gizləndi. Möhtərəm Şeytan bazar müsəlmanlarını məscidə çəkib cavab istədilər. Astaradan bir hacı orada olan əlli beş nəfər abunəçilərimizdən jurnalımızı yığıb idarəmizə geri göndərdi ki, “dəxi bizə belə jurnallar lazım deyil... ” İndi gəldik çatdıq bu günlərə: Şura aləmində qadın da bir insandır, kişi də insandır; qadına da ixtiyar lazım, kişiyə də, qadın da nəfəs almaq istəyir, kişi də. Nə kişi qadına sahib ağadı, nə qadın kişiyə: ancaq bunlar yoldaşdırlar. Biz də belə deyirik. “Şərq qadını” da bu sözləri eşidib çıxdı meydana. İndi dəxi islamın zənciri onun ayaqlarına dolaşmağa gücsüzdür. İndi dəxi şəriətmədarların “cəhənnəm odlarından” qorxan yoxdur. İndi dəxi arvad qeyrətləri çəkən “qeyrətli” qoçular puç olublar. İndi dəxi Əli Bayramovun yadigarına açılan Şərq qadını əncümənindən “qadın azadlığı və qadın xoşbəxtliyi” kimi münacatın sədası Şərq aləminə dağılmaqdadır. Bunu biz istəyirdik və bunu axtarırdıq. Dedik, dedik axırda arzumuza çatdıq. Dünən axşam Əli Bayramov klubunda idim. Dünya və aləm Şərq qadını ilə dolu idi. Qadınlar yoldaşı, yoldaş Xavər xanım səhnədən söz danışırdı. Nə danışırdı? Nə deyirdi? Deyirdi: – Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız; oxumasaz qaranlıqda qalacaqsınız; oxumasaz, bədbəxt olacaqsınız və öz bədbəxt olmanızdan savayı uşaqlarınızı da bədbəxt edəcək[siniz]. Salam olsun qoca Molla Nəsrəddin tərəfindən azad Şərq qadınlarına! Salam olsun onların azad yol göstərənlərinə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 yanvar 1924, №2 * * * Kimdən ötəri Bu yeni hürufat kimdən ötəri icad olundu? Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir. Doğrudan da öz aramızdı, bu yeni hürufat kimlərdən ötəri lazımdı? Mən bilirəm sən nə cavab verəcəksən. Sən deyəcəksən ki, bu yeni hürufat tez vaxtda savadlı olmaq istəyənlərdən ötəri lazımdır. Sən deyəcəksən – asan yazıb, oxumaq axtaranlardan ötəri lazımdı. Amma mən də sənə cavab verəcəyəm ki, axı, sənin mənə zorun ki, yoxdu. Sən mənə deyirsən: “Savad öyrən!”. Axı, bir insaf elə, əvvəla, bir mülahizə elə gör mənə savad lazımdı, ya yox? Əgər desən ki, “lazımdı” – onda mən səndən soruşaram ki, “xub, de görüm, savad mənə nədən ötəri lazımdı? Bu beş günlük dünyaya biz ondan ötəri gəlmişik ki, məsaili-şəriyyəmizi bilib, müsəlmançılığımızı yerinə yetirək, ta ki mizan-tərəzi qurulanda Allah yanında şərmsar olmuyaq. Sən mənə deyirsən: “Savad öyrən!”. İndi bircə bunu mənə de görüm, sən özün nə bilirsən? Məsələn, sən bilirsənmi behişt əhlinin xörəkləri nədir? Və belə-belə min məsələ sənin qabağına qoyaram ki, onların heç birindən sənin xəbərin olmaz. Yoxsa çox da “yeni hürufat, yeni hürufat” sözü danışma. Müsəlmançılıq yeni hürufatdan ibarət deyil – müsəlmançılığın özgə yolları var. Mən ölüm, incimə! Molla Nəsrəddin “Yeni yol”, 21 yanvar 1924, №2 * * * Uşaqlarımız Cümə günləri və tətil günləri uşaqlarımız hara getsinlər və nəyə məşğul olsunlar? İstəyirdim deyəm ki, teatra getsinlər, amma yadıma düşdü ki, bizim cəmi teatrlarımız indiki halda eşqbazlıqdan ibarətdir; çünki indiki teatrlarımız böyüklərə qulluq eləyirlər. İstəyirdim deyəm ki, belə olanda lazımdır, uşaqlarımızın da fikrinə qalmaq; çünki uşaqlarımız bikar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yapışıb yoldan ötüb keçənlərə “ğoğo” eləsinlər və papaqlarını atıb qatır ürkütsünlər. Xülasə, istəyirdim deyim ki, uşaqlarımız üçün də lazımdır teatr hazırlamaq və bundan ötrü lazımdır teatr yazanlarımıza təklif edək ki, uşaq pyesləri yazsınlar, ta ki, teatr baş idarələrimizin bəhanəsi kəsilsin; amma bu sözlərimin hamısını geri götürürəm və buna da səbəb odur ki, küçələrdə ildırım kimi çaxıyan avtomobillər axır vaxtlarda başlayıblar uşaqları əzib tikə-parça eləməyə. Bir neçə gün bundan qabaq qəzetlərdə oxudum ki, Bakı məhkəmələrinin birində bir şoferi müqəssir tutmuşlar ki, Persidski küçədə filan uşağı öz avtomobililə əzib öldürübdür. Amma qoçaq şofer yaxşı cavab verib. Deyib ki, günah məndə deyil, uşaqdadı; ondan ötrü ki, mən avtomobili sürdüyüm yerdə uşaq hücum ilə özünü soxdu avtomobilin altına. Belə məntiqli cavabın müqabilində məhkəmə sədri aciz qaldı və şoferi günahsız hesab edib təqsirindən keçdi. Amma Allah rast saldı ki, uşaq bu dünyada deyil imiş; yoxsa ola bilərdi ki, uşağı məhkəməyə çəkib müqəssir tutalar ki, avtomobilin üstünə hücum edib. Yazıq avtomobilçi! Dünən axşam Kommunist küçəsində gəzirdim. Avtomobillər ox kimi sağdan-sola, soldan-sağa vıyıldayıb gedirdi və tez sürməyə də haqları vardır; çünki mühüm işdən ötrü tələsirlər. Buna heç sözümüz yoxdur. Amma bircə biz bunu başa düşmürük ki, əgər bunlar getdikləri yerə vaxtında çatmaqdan ötrü evlərindən iki dəqiqə tez çıxsalar və maşınları güllə kimi sürməsələr və həftədə-ayda bir uşaq basıb anaları ağlar qoymasalar, qiyamətmi qopar! İşləri belə gördükdə o binəva uşaqlara mənim vəsiyyətim budur; teatr olan küçələrə getməsinlər. Bəs, hara getsinlər? Getsinlər dağlı məhəlləsinin it və pişik ölüsü ilə zinətli küçələrini seyr etsinlər və orada oynasınlar. Doğrudur, burada olan zibil üfunətindən azar-bezar tapacaqlar, amma bir tərəfdən də böyük arxayınçılıqdır: burada avtomobil olmaz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 yanvar 1924, №3 * * * “Mini-mini masallar” Dünən bu kitabçaların bir neçəsini aldım. Apardım verəm uşaqlarım oxusun. Uşaqlar bu kitabların üstündə yazılan həmin sözləri – mini-mini masallar höccəliyə-höccəliyə oxudular. Yenə bir-iki dəfə oxudular. Kitabları qoydular stol üstə və dedilər: Dədə, qoy gedək bir az oynayaq, gələk oxuyaq. Dedim: Yaxşı. Həmən gün bir neçə bəhanə ilə uşaqlar bu kitabçaları əllərinə almadılar. Sabahısı günü mən özüm bu kitabçaların birini başladım oxumağa və bir neçə yaz sözlər ki, kitabda var idi, onları bizim dilə tərcümə elədim ta ki, uşaqlar başladılar kitabın məzmununa alışmağa. Birdən kiçik oğlum sevincək dedi: Dədə, bu ki, uşaq nağılıdı. Bəs, bunu dünən sən niyə bizə demədin? Dedim: A balam, necə demədim? Bəs, demədimmi ki, “mən sizə mini-mini masallar” gətirmişəm və uşaqları başa saldım ki, mini-mini masalların mənası xırda-xırda nağıllardı. Doğrudur, uşaqlarım bu kitabları oxudular. Mənim uşaqlarımdan savayı, başqa uşaqlar da oxuyacaqlar. “Lağlağı” eləyə bilməz bu kitab yazanları və meydana çıxardanları öz təşəkkürü ilə qarşılamasın. Amma söz burasındadır ki, məmləkətimizdə işlənməyən bu təzə-təzə sözlərin bərəkətindən bu kitabçaları əllərinə alan uşaqlar kitabı o gün oxumayacaqlar və bir bəhanə ilə oxumağı sabaha qoyacaqlar. Lağlağı “Molla Nəsrəddin”, 6 aprel 1924, №5, səh. 4 * * * Təzə əlifba Adam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib. İnsafdan uzaqdı ki, qaşığı götürüb, başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi. * * * Söhbət bu təzə latın əlifbası üstündədir. Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub çıxardalar. “Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi ki, yeni hürufatçıların adını vətən xaini qoymuşdular. Amma indi gəl, gör. Bu yeni əlifbanın üstünə indi o qədər müştəri tökülüb ki, heç bilmirsən bişirən kimdi, düşürən kimdi. Hərə əlinə bir qaşıq alıb, hücum çəkiblər bir nimçə dadlı yeni əlifba aşının üstünə. Hətta dünən küçə ilə keçərkən gördüm təzə qonaqların bir neçəsi qollarını çırmayıb, düşüblər nimçənin üstünə. Aşı bişirənlərin biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də macal verin. Qolları çırmaqlı cavanlar heç qulaq asmırlar. Axır atalar deyiblər ki, bir nimçə ləzzətli aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə soruşmayasan ki, bu aşı bişirən kimdi, düşürən kimdi? * * * Bu adəti gözləməyin heç eybi yoxdu. Hazırın naziri “Molla Nəsrəddin”, №6, səh. 4, 13/IV-1924 * * * Xilafət məsələsi Hamdan artıq mənim yazığım ingilislərnən firənglərə gəlir. Doğrudan da, hələ müsəlmanlar bir tərəfdə qalsın, necə olsa bunlar ötüşər. Bunların başına nə gəlsə, dayanıb durarlar. Çünki müsəlman millətinin canı bərk olar. Amma ingilis və firənglər çünki əslindən nazikdirlər, onun üçün də xəlifə taxtdan endiriləndə bu iki hərif o qədər dərd elədilər ki, əgər tez bir vaxtda Hüseyn xəlifə özünü yetirməsəydi, bunlar, yəni ingilis və firəng qardaşlar dərd və qəmdən çürüyəcək idilər. Hələ tək bir xilafət məsələsi deyil. İran şahının da taxtdan salınmağı bu biçarə ingilisə və firəngə yenə bir yekə dərd olub. Allah, sən özün kərim Allahsan, sən özün bu yazıqların harayına yetiş. Doğurdan da bu biçarə ingilisnən firənglər gör biz müsəlmanları nə dərəcədə dost tuturlar ki, bizim xeyir-şərimizə onlar bizdən artıq təlaş edirlər. Allah özü rəhm eləsin! Vızvıza “Molla Nəsrəddin”, №6, səh. 4, 13/IV-1924 * * * Orucluq Doğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram. Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan, ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir. Onunçün mən doğrudan-doğrusu oruc tutmuram. Amma nədənsə bir mollanı və ya hacını görəndə yana-yana papirosu soxuram cibimə və heç özüm də bilmirəm nədən qorxuram. Hələ özüm də bir az intelligentəm və hamı intelligentləri də belə qorxaq görmüşəm. Bircə burasını bilmirəm ki, mən nədən qorxuram və intelligentlər nədən qorxurlar. Yenə köhnə zamanlar olsa idi, demək olardı ki, şəriətmədar məni papiros çəkən görəndə minbərdən camaata xəbər verəcək və məni möminlər içində töhmətləndirəcək; ya əgər biz Təbriz və Tehranda olsaq, gərək ehtiyat edək ki, hökumət bizi oruc yemək üstə həbsə alacaq. İndi bu bəhanələrin heç biri yoxdur: di indi sən mənə bir intelligent qardaşı nişan ver ki, orucluq günləri su içmək istəyəndə sağa-sola baxmasın və papiros çəkmək istəyəndə xəlvət yer axtarmasın. Mömin bəndələri çaşdıran həmin hərəkətlərdir. Mömin də bunu görəndə deyir: “əlbət bu hərif oruc yeməyin qəbahətini duyur ki, gizlətmək istəyir”. Xülasə ki, orucumu aşkar yeməyə qorxuram. Əlbəttə, intelligentəm, onunçün. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 aprel 1924, №6 * * * Üç saat Əlimdə bir vacib yazım var idi. Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim: – Məni soruşan olsa, cavab verin ki, vacib işi var; bəlkə qoyalar yazımı yazım. Dedilər filankəsdir. Adını demirəm; çünki xəyalım bu yazımı çapa verməkdir. İstəmirəm dostum məndən incisin. Yazığım gəldi, geri qaytarmadım, dedim: – Buyursun. Və buyurdu əyləşdi. – Hə, səlamün-əleyküm! – Əleykəssəlam! Dedim bəlkə bir işi var və gözlədim ki, görüm nə deyəcək. – Hə nə var, nə yox? – Sağlığın. Dostum qutusunu çıxartdı və mənə papiros təklif etdi; mən dedim adətim deyil və özü papirosunu yandırıb başladı çəkməyə. Mən danışmağa bir söz axtardım ki, ara boş keçməsin və qonağım darıxmasın və bunun papiros qutusunu əlimə aldım və başladım papirosun insana zərərindən danışmağa. Qonağım bir-iki dəfə “bəli, bəli” dedi və papirosunu çəkib qurtardı və yenə durdu dinməz-söyləməz və ədəb ilə mənim üzümə baxmağa. Bir az da mən ona baxdım və yenə dedim: – Hə, daha nə var, nə yox? – Sağlığın, qabili-ərz bir şey yoxdur. Yenə bir-birimizin üzünə baxdıq və mən bir şeyi bəhanə eləyib durdum, gəldim yazı otağıma və yazdığım kağızlara bir nəzər yetirdim və bilmədim ki, nə eləyim. Qonağı orada qoyub burada sakit otura bilməzdim, çünki belə iş qonağı evdən qovmaqdır. Xahi-nə xahi yenə qayıtdım və əyləşdim. Deyə bilmirəm ki, “axır nədən ötrü zəhmət çəkmisiniz?”; o səbəbə ki, yanıma gələnlərin çoxu guya bu bəhanə ilə gəlir ki, məhz məni “ziyarət” etsin. Bəli, yenə dedim ki: – Daha nə var, nə yox? – Sağlığın, qabili-ərz bir şey yoxdu. – Bəs, İranın işlərindən nə söyləyirlər? – Hələ ki, təzə bir söhbət yoxdur. Bir az da sakitlikdən sonra dedim: – Amma yaman bahalıqdır. Qonağım bunu da təsdiq elədi ki: – Bədi, bahalıqdır. – Hə, daha nə var, nə yox? – Sağlığın, qabili-ərz bir şey yoxdur. Yenə bir bəhanə ilə getdim o biri otağa və beş-on dəqiqə orada nəfəsimi alandan sonra yenə qayıtdım əyləşdim və yenə soruşdum: – Daha nə var, nə yox? Qonağım yenə cavab verdi ki, “sağlığın, qabili ərz bir şey yoxdur”. Amma bu dəfə durdu ayağa və baş əyə-əyə çıxdı getdi. Həmin qonağımın bizdə əyləşməyi tamam üç saat çəkdi. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 may 1924, №7 * * * Su budkaları Su budkaları cümə günləri bağlı olur. Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur. Hər nə qədər inqilabi bayramlar var, su budkaları bağlı olur və bircə buna sözümüz yoxdur. Amma bunlardan başqa nə qədər dünyada İsa və Musa və Məhəmməd və yüz iyirmi dörd min peyğəmbərlər bayram gətiriblər – hamısının su budkaları bayram saxlayır, yəni bağlı olur. Rəğayib günü də susuz qaldıq: yenə budkalar bağlı idi. İmam Museyi-Kazımın həm anadan olan günü su budkaları bağlı oldu, həm vəfat günü bağlı oldu. Eydi-fitrdə cəmi İran və Ərəbistan müsəlmanları tək bircə gün tətil elədiyi yerdə Bakıda su budkaları oruc bayramında iki gün bağlı oldu; bircə o qalmışdı ki, budkada oturan müsəlman və qeyri-müsəlman budkaçılarını zornan məscidə aparaydılar. Bu gün deyirlər, budkalar açıqdı. Amma ehtiyat üçün bir-iki qab artıq su gətirdim; çünki qorxuram deyələr sabah bayramdır, ya prazdnikdir və qorxuram yenə uşaqlar susuz qalalar. Lağlağı “Molla Nəsrəddin”, 10 may 1924, №7 * * * Hov “Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir: – Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin. Həmin üç ayı mən Qarabağ kəndlərini gəzirdim ki, orada çəkilən gözəl-gözəl elektrik yolları və təmiz küçələri və əla məktəb binalarını görüb ürəyim açılsın. Və eləcə də oldu. Xülasə, söhbət orada deyil. Əkin-tikinə göz yetirdikdə gördüm ki, xah taxıl əkinlərinin, xah pambıq əkinlərinin çox hissəsi kənd şuraları qulluqçularınındır ki, türk kəndlərində o hakimlərə “kənd şurası” deyirlər. Məsələn, hər kənd şurası üzvünün hökmünün altında nə qədər ki, kənd var, hər bir kənddə bu hakimin pambıq əkini də var, taxıl əkini də var. Ədə, bu zalım oğlu bu qədər cütü və heyvanı haradan və nə tövr sazladı ki, bu qədər dəsgaha malik oldu?! Axırda işin üstü açıldı: bu ağalar “hov” eləyirmişlər; yəni hər kəndə bir “stracnik” göndərib, hökm eləyirmişlər ki, filan kənd qulluqçusuna hər evdən bir cüt çıxıb, beş on desyatin yer şumlasın. Bu söhbətlərin hamısını yenə mən qoyuram kənara və heç bir kəsi pisləmək xəyalında deyiləm. Doğrudur, camaat arasında pıçı-pıçı ilə deyirlər ki, “bu dəxi xov olmadı, bu zorba-zorluq oldu”, amma hər nə isə bu işlərin yaxşısı Allah-taala həzrətlərinin yanındadır. Bir vaxt var idi Qarabağ dağlarında yaylaqlarda otlayan mal sürülərinin hamısı xan və bəylərin idi. İndi də Allah şahiddir və bəndələr də görürlər ki, dağlardakı sürülərdir; amma təfavüt sahiblərindədir. Yenə bunların heç biri ilə işim yoxdur və heç bir kəsə sataşmaq xəyalında deyiləm, Söhbət “hov” istilahının təfsiri barəsindədir ki, o da ərz olundu. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 sentyabr 1924, №13 * * * Tehran müxbirimizə İndi düz bir ildir ki, ən azı iyirmi məktub göndərmisən ki, “Tehran hökuməti İran Azərbaycanında yaşayan dörd milyon türk xalqının qaranlıqda qalmasını nəzərə alıb beş yüz min tümən pul buraxıb Təbrizdə, Xoyda, Səlmasda, Mərənd şəhərində türkcə məcmuələr və qəzetlər çıxartsınlar”. Biz sənin məktubların gələn kimi özünə yazmışıq ki, belə şey olmaz. İran şahlığı razı olmaz ki, onun camaatı parçalanıb biri farsca, biri türkcə danışsın. Sən nə qədər yazdınsa, biz də yazdıq ki, çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu da şah hökuməti Təbriz və İran Azərbaycanının başına gətirəcəkdir. Amma sən yenə də inanmadın. Axırda biz sənə məşhur “inqilabçı” şair Arifin Təbriz camaatına yazdığı aşağıdakı təsnifi yazdıq: Ey badi-səba bərxiz, Begu be əhli-Təbriz. Zəbani-türkira əz qəfa kəşidən əst, Payi-in zəban əz məmləkət büridənəst. Biz bu yekə adamın ağzından çıxan şeirləri sənə yaza-yaza sən yenə yazdın ki, Arif bunu tiryək manqalının başında deyibdir. Amma huşu başına gələndən sonra təbrizlilərə yazıbdır ki, türkcə danışmağa ixtiyarınız vardır. Bu şərtlə ki, yorğanın altında öz məhrəminizlə. Biz yenə sənə yazdıq ki, inana bilmirik; çünki hökumət mollalara da tapşırıbdır Təbriz ölülərinə nə ərəbcə, nə də türkcə dua oxumasınlar; ona görə molla ölüyə surə əvəzinə deyir ki, xudavəndi-aləm beyamürzəd və dərəcatəşra ali gərdanəd və qəbrəşra pür əz nur gərdanəd”. Amma biz bunu yazandan sonra sən cəhlən durub yazdın ki, mən öz gözümlə görmüşəm ki, hökumət beş yüz min tümən göndərdi və poçta qəbzini də aldı. Axırda sən idarəni başdan çıxardın, götürüb məcmuəmizin doqquzuncu nömrəsində yazdıq ki, bəli, hökumət türkcə qəzetlərə sərf olunmaq üçün bu qədər para göndəribdir. Elə ki, bunu yazdıq, bir az keçdi, Bakıdakı İran konsulxanasından rəsmi olaraq aşağıdakı məktubu aldıq: “Bakı “Molla Nəsrəddin” cərideyi-fəridəsi müdiriyyətinə təqdim. Möhtərəm müdir! Doqquz nömrəli və 7 zilqədə tarixli cəridənizin beşinci səhifəsində dərc və nəşr buyrulan Azərbaycanda, xüsusən Təbrizdə türkcə qəzetlərin nəşrinə Tehran hökuməti tərəfindən beş min tümən buraxıldığının əsil və əsası yoxdur, binaən-əleyh işbu elanla cəridənizin eyni səhifəsində təkzibinə müsaidə buyrulması rica olunur. Ehtiramati – fayiqəmin qəbulu mütəmənnadır. İmza”. İndi biz oxuculara xəbər veririk ik, Tehran hökuməti pul buraxmamışdır və ədibi-kamil Arif Manqal həzrətləri də azərbaycanlıların türkcə danışmaqlarına razı deyildir. İdarə “Molla Nəsrəddin”, 18 oktyabr 1924, №19 * * * Kooperativ Dünən baqqal Məşədi Qulam gəlmişdi idarəmizə. Deyir: – Dükanımı yığışdırıram. Deyirəm: – Niyə? Deyir: – Bu kooperativ qoymaz biz baş saxlayaq. Deyirəm: – Niyə? Deyir: – O səbəbə ki, hər bir fırıldaqdan savayı, indi də hökumət məcbur edir ki, gərək satılan şeylərin hər birinin üstündə qiymətlər yazıla ki, kasıb görüb, hər dükançı, istədiyi qiyməti deməsin. Deyirəm: – Nə olar? Bunun nə eybi var? Məşədi Qulam bir qədər mat-mat üzümə baxandan sonra gör nə deyir: – Axund Molla Nəsrəddin, mən səni təcrübəli və bizim kimi gözüaçıq bir şəxs zənn edirdim, amma heyfa ki, indi görürəm çox xamsan! Əgər biz başıdaşlı duraq şeylərin üstündə qiymətini yazaq, onda gör evimiz necə gərək yıxıla. Cihəti budur ki, bizim asan qazancımızın ata-babadan qalma asan yolu həmişə bu olubdur ki, dükanımıza gələn gözüaçıq müştərilərə bir qiymət demişik, xam müştərilərə bir ayrı qiymətə satmışıq. Amma indi gör başımıza nə gəlir. Qəndin girvənkəsinin üstündə, kooperativ yazan kimi, biz də otuz qəpik yazanda, gərək otuz qəpiyə də sataq. Belə də olanda evimiz bilmərrə dağılar. Deyirəm: – Xub, Məşədi Qulam, bəs, kooperativlər ki, otuz qəpik yazırlar, bəs, onlar nə tövr baş saxlayır? Bu sualın cavabını yazıq Məşədi Qulam rəfiqim az qaldı ağlaya-ağlaya versin və belə cavab verdi: – Ay Molla əmi, Allah atana rəhmət eləsin. Siz ki, Allaha şükür, dünyanın hər bir yaxşı-yamanını seçənsiniz! Siz kooperativ sözü danışırsınız. Bir mülahizə edib buyurun görək kooperativlərin artıq qazanca nə ehtiyacları var? Məgər onların da bizim kimi cəlallı xeyrü şəri var? Məgər onların da məscid, minbər xərci, moizə və mərsiyəsi, həcc səfəri, çahardəh məsum ziyarəti, hər il bir dəfə siğə-mitə məsarifi, neçə ildən bir ali imarət binası, ticarətin böyüyüb şərakət surətinə düşməsi, sonra “Hacı Qafar kampaniya” olması, “ticarətxaneyi-bəradərani Qafar İsfahani”, filan, filan və filan... Bəratlar işləyir, malüttiçarə anbarlardan anbara daşınır, bəs, bunlar necə olsun? Ey Molla Nəsrəddin! Gör mənim evim necə yıxılır, ümidlərim necə pozulur. Amma sən hələ fəqir-füqəra sözü danışırsan. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 noyabr 1924, №24 * * * Cərimə Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir. Bu dərdin adı cərimədir. Məsələn: Həsənqulunun öküzü yol ilə gedən vaxt başını Cəfərqulunun taxılına uzatdı. Kənd şurası üzvü Həsənqulunu da çağırır, Cəfərqulunu da. Həsənqulu istər şikayət eləsin, istər eləməsin, hər ikisinə cərimə kəsiləcək. Bir manatdan on manata. Yainki iyirmi manata kimi (Baxar əkin sahibi ilə öküz sahibinin cibinə). Cərimə nəğd ortalığa gəlməyincə hər iki kəndli dustaqdır. Hansı birisi cəriməni qabaqca versə, o da qabaqca azad olacaq və hər kəs də verdiyi pula qəbz istəsə, ikinci dəfə cərimələnəcək. Bu yazılan əhvalat ola bilər ki, bir çoxlarına qəribə gələ. Amma söz burasındadır ki, “Naloq” barəsində axır vaxt qəzetlərdə nə ki, yazılır, onların özü də ağıla sığışmayan bir keyfiyyətdir. Götürək Salyan tərəfində naloq almaq üsulunu. Ya axır günlərdə qəzetlərdə yazılan “Naloq” iftizahını ki, Muğanda, Ağdamda və qeyri yerdə üz veribdir. Behərhal, söhbət bircə məsələ üstündədir ki, ərz olunur: Kəndlinin naloq barəsində heç bir sözü yoxdur və haqq-hesab elə mərkəzdən təyin olmuş “Naloq” vergisini əda etməyə canü dil ilə hazırdır. Amma kəndlinin dərdi bu zalım oğlu cərimədir. Bax! Buna bir çarə! Əgər bu “Başı çuvaldan” alınan cərimənin sən qabağını aldın, almısan, əgər ala bilmədin, istər kəndlini yer üzünün cəmi vergilərindən azad elə, yenə bu cərimə kəndliyə bildiyini eləyəcək, onun nəfəsini kəsəcək. Lağlağı “Molla Nəsrəddin”, 22 may 1924, №24 səh. 6 * * * İnna Lillahi və İnna ileyhi raciun Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın. Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”. Həmin əhval mənim yadıma düşmürdü, dünən bir tanış molla bunu mənim yadıma saldı. Dedi: – Axund Molla Nəsrəddin, sizin yazılarınızla rəftarınız bir-birilə tuş gəlmir. Dedim: – Necə? Dedi: – Bu axırıncı üç-dörd ilin müddətində mən neçə dəfə səni və sənin kimi qələm ilə və dil ilə məsciddən qaçanları və camaatı qaçırdanları Təzəpir məscidində görmüşəm. Dedim: – Nə vaxt? Dedi: – Filan məsul işçinin cənazəsi məscidə gətiriləndə, filan azadixahın cənazəsi üstə ağbaşlı əməleyi-mövta meyit namazını qılanda və intelligentlər bunların dalında səf-səf namaza duranda və sonra əməleyi-mövtanın dalınca qəbiristana səfər edəndə. Molla bu sözləri deyib, bir az da üzümə baxdı və soruşdu: – Yalandı, ya yox? Mən dinmədim; çünki fikrim çox yerlərə getdi. Fikrim getdi haman Təzəpir məscidinin həyətinə ki, orada bu axırıncı illərdə tut ağaclarının kölgəsində dəstə-dəstə müsəlman oxumuşları dərin-dərin fənn kitabları qoltuqlarında mərhumun cənazəsinin məsciddən çıxmağına müntəzirdirlər. Burada camaat ilə bir yerdə namaza duranlar içində təbiyyat müəllimləri tanışlarımdan, coğrafiya və tarix müəllimləri də yadıma düşür. Avropa darülfünununda uca elmlər təhsilini tapmış cavanlar yadıma gəlir; qalanlarının çoxu yenə orta məktəblərdə fənn dərsləri deyən müəllimlər olub. Bunlar hamısı, özləri kimi, Avropa təhsili tapmış mərhum rəfiqinin cənazəsini Təzəpir məscidinə gətiriblər ki, mərhumun əgər günahları olmuş olsa, bağışlansın. Mollanın sözünə bir cavab tapa bilmədim, ancaq xəcalət çəkdim və bir para fikirlərə getdim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 noyabr 1924, №25 * * * Dinsizlik Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir. Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur. Amma çifayda! Ax, ax... İnsanlar necə qəflətdə imişlər, gör nəyə etiqad ; edirlər, gör nəyə etina edirlər və gör nə cür cəfəngiyatın adını “elm” qoyub, onu hələ darülfünunlarda da təhsil edirlər! Kimdir Holbax və nədir bunun yazdığı? Vallah, billah, heç bir şey deyil: bu dinsiz filosof gör nə deyir: deyir ki, Allaha isnad verilən sifətləri biz maddədə görürük, yəni Allahın özü gözə görünən kainatın içindədir və bəlkə həmin kainatın özündən ibarətdir. Holbax filosofun bu fitnə-əngiz sözünün nəticəsi olaraq Qərb maddiyyunları öz tutduqları batil yolda daha da bərkiyib, bari pərvərdigarın varlığını elə qırmızıca inkar eləməyə başladılar ki, Qərb məmləkətlərində və ələlxüsus Almaniyada bu iki yüz illik müddətində dinsizlər cəmiyyətləri və mülhidlər klubları ələni surətdə yaşamağa başladılar. Qardaş, axı bu nə işdir? Bu nə həngamədir? Necə yəni dinsizlik, necə yəni Allahsızlıq? Doğrudur, bu sözlərin biz müsəlmanlara dəxli yoxdur; bu söhbətlər xaçpərəstlərin aləmində baş verib, yaxşısı və yamanı onlara racedir və inşallah-taala biz pak müsəlman millətləri bu növ fəsaddan uzağıq (təşəkkür edirəm xudavəndi-aləmə). Amma bununla bərabər Holbax kimi bir ərbabi-fəsadın kitabları bu axır vaxtlarda bir para mərdümazar kitabfü-ruşların cib mənafeyi babətindən kitab mağazalarında gözə çarpmağa başlamışdır. Cəmi cavan tələbələrimizi xəbərdar edirəm ki, məbada öz milli şairlərimizi qoyub, Holbax filosofiyası kimi hədərən və pədərənə yavuq düşələr. Nümunə üçün o kitabların birindən bir neçə sətri burada yazdım. Əgər o sözləri yazanın bir zərrə qədər insafı varsa, Allah mənə lənət eləsin! Gör zalım oğlu nə yazır: “Avam məxluq deyir – Allahür-rəhmanür-rəhimdir. Amma bir insana rast gələ bilməzsən ki, bu dünyada Allahın sayəsində özünü xoşbəxt hesab edə. Deyirlər – Allah adildir. Bir surətdə ki, yaranmışların biri yağla bal içində üzür, biri gecələr soyuqda qır tiyanlarının altında yatır. Deyirlər – Allah hər şeyi görür. Amma görürük ki, bir quldur yazıq bir yol adamının başını kəsir ki, iki qəpik puluna sahib olsun. Bunu görə-görə o quldura demir ki, qan tökmə”. Xülasə, filosof belə-belə hədyandan çox danışır. İndi mən cavanlarımızdan soruşuram; insafdırmı öz milli şairlərimizin kitablarını qoyaq və gedək Holbax kimi Allahı danan filosofların kitablarına öz əlimizlə pul verək, alıb oxuyaq (Yaxşıca mabədi var). Dəli “Molla Nəsrəddin”, 29 noyabr 1924, №25 * * * Qız mütribləri Məlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur. Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək? Çox təcrübələrdən sonra axır vaxtlarda bu üsulu işlətməyə başladılar: Hər nə əsər olursa-olsun, arada bir balet dəstgahı olsun. Balet ibarətdir ondan bir dəstə ənlik-kirşanlı qız, corabsız və tumansız, ağ ayaqlarında güləbətin başmaqlar, əynində su kağızından nazik və əlvan köynəklər səhnəyə çıxıb, başlayırlar oynamağa. Muzika çalınır, cavanlar həyəcana gəlir və ümumiyyətlə, Quba meydanından yığışan camaat o dərəcədə fərəhlənir ki, teatro qurtarıb, pərdə salınandan da sonra gözü səhnədə nigaran xahi-nəxahi durub, çıxır gedir. Onun üçün axır vaxtlar teatro elanlarında hər dəfə yazılır ki, ikinci pərdə ilə üçüncü pərdə arasında balet oyunu oynanacaqdır. Çünki belə yazılmayanda camaat teatroya getmir, istər Mirzə Fətəlinin, istər Şekspirin əsəri qoyulsun. Yaxşı olardı (Kimyagər) pyesində də Molla İbrahim Xəlil müştəriləri aldadanda ortalığa bir balet dəstəsi çıxa. Habelə pis olmaz Hacı Qarada da Hacı Əmi Araz çayına düşəndə qız mütribləri səhnəyə çıxıb, oynayalar. Bəlkə də yersiz düşə, amma məqsəd camaatın rəğbətidir ki, o da hasil olacaq. Hər kəsin bu barədə bir rəyi ola bilər. Bu mənim rəyimdir. İdarədən: Biz bitərəf qalıb bu məqaləni buraxdıq. Lakin bu fikrə şərik deyiliz. Çünki bu da bir cür (iskusstvo) sənayeyi-nəfisədir. Cırcırama “Molla Nəsrəddin”, 29 noyabr 1924, №25, səh. 4-5 * * * Ay qoçaq mülkədar! Hey, necə gördün? A rəhmətliyin oğlu, bu qədər mərəkə və qilü-qaldan sonra yenə mülkədarlıqdan əl çəkmirsən? Zalım oğlu, qurd ürəyi yeyib. Bax, gör, nadinc “Kommunist” qəzeti nə yazır: Yazır ki, Muğan inşaat idarəsi Azərbaycan Xalq torpaq komissarlığı ilə Muğan səhrasında icarəyə götürmüş olduğu yerlər xüsusunda bağladığı müqavilənamə mövcibincə icarəyə götürdüyü həmən yerləri təsərrüfat qaydasınca öz qüvvəsilə abad etməli və kəndlilər də həmən qaydadan istifadə etməlidirlər. Amma torpaq komissarlığına çatan məlumata görə idarə həmən torpaqları öz qüvvəsilə abad etmək əvəzinə əkin və otlaq parçalarını ağır qiymətlərlə yerli kəndlilərə icarəyə verməkdədir. Məsələn: Qanuna qərar qoyulduğu vəchlə məhsulatın onda bir, fağır kəndlilərdən isə on beşdə bir hissəsini icarə haqqı olaraq almaq əvəzinə, əkin yerlərindən onda üç və hətta bəzi vaxt məhsulatın yarısını almaqdadır. Otlaq yerlərindən 1914-cü ildə davam edən icarə vergisinin bir desyatininə 20-25 qəpeyk miqdarı əvəzinə hər desyatindən bir manatdan iki manata qədər icarə vergisi almaqdadır. Buna görə Xalq torpaq komissarlığı Muğan inşaat idarəsinə qəti surətdə təklif edir ki; Həmən torpaqlar kəndlinin ehtiyacı üçün icarəyə verildiyi halda, yuxarıda göstərilən qanunu qiymətlərdən artığına pul verilməsin. Qanundan kənar qiymətlərlə kəndlilərlə bağlanmış müqavilənamələr dərhal həmin qanuni qiymətlərə çöndərilməlidirlər. Sözün doğrusu, mən bu məqaləni zarafat üçün yazıram. Çünki əbəs yerə Muğan idarəsinin ürəyini sıxırlar. Əgər Muğan idarəsi istəyir cəmi yer üzünün mülkədarları kimi heç zəhmət çəkməyə-çəkməyə fağır-füqəra zəhmətkeş kəndlilərin qantər altında qazandıqları mənfəəti asanca ciblərinə doldursun. Bu özü də Allah məsləhətidir. Əlbəttə, kəndlilərin alnına belə bir müşkül qisməti rəhim Allah öz əli ilə yazıb. Biz bəndələrin Allahın işlərinə qarışmağa haqqı yoxdur. Cırcırama “Molla Nəsrəddin”, 6 dekabr 1924, №26, səh. 4 * * * Mühübbi imam Mən Allah bəndəsi bir adamam və hər bir şeyə də etiqadım var: tövhidə və imamətə, nübüvvətə və axirətə, onun üçün də İngiltərə cahangirlərinin qarşısına göstərilən protestlərə şərik deyiləm və buna mənim çox böyük bəhanəm var. Yəni, sən nə babətdən İngiltərə vəzirlərindən narazısan? Bilirəm, deyəcəksən ki, məzlum Misir xalqını ayaqlarının altına almaq istəyirlər. Deyəcəksən ki, İngiltərə cahangirləri bir gün və bir saat olmayıb ki, İranı, Turanı, Əfğanı, Türkiyə və Ərəbistanı və xülaseyi-kəlam, nə başını ağrıdım, bişüur Şərqdə bir guşə qalmayıb ki, ingilis diplomatları oraya sahib olmaq üçün fəsad barmaqlarını uzadıb böyük-böyük fitnə və bədbəxtlik törətməsinlər. Bilirəm, sən belə deyəcəksən. Di indi qulaq as, gör mən nə deyirəm. Mən deyirəm ki, mən özüm imam əhliyəm və Misrin məzlumları ilə də işim yoxdur; İranın, Azərbaycanın, Ərəbistanın, ya Türküstanın başına gələnlərin, İngiltərə əngəlləri ilə də işim yoxdur və sözün açığı, nə bu dünya ilə işim var və nə də bu dünya üçün İngiltərə lordları işlədən siyasətlə işim var. Mənim sözüm məhz və məhz axirət üstədir; dünya yox, üqba barəsindədir və huş-guşla qulaq versən, sözümü bəyan edərəm. Sözümün əsil mənası budur ki, nə qədər İngiltərə vəzirləri Şərqin başına müsibət açmış olsalar, bunun hamısı qurban olsun İngiltərənin haman torba-torba qızıllarına ki, indiyə kimi İranda xəlvətcə vaizlərə və mərsiyəxanlara paylanıb mahi-məhərrəmdə qurban olduğum imamın təziyəsini elə bir cəlallı surətdə meydana gətirsinlər ki, bütün İran əhli imam məhəbbəti nəşəsi ilə bilmərrə keflənib, nə qədər canları sağdır ayılmasınlar. Misir, Təbriz, Bağdad və Kərbəla da qurban olsun İngiltərə qızıllarının torbalarına ki, mahi-məhərrəmdə hər il xəlvətcə Təbrizdə vaiz Mirzə Ələkbər ağalara, Ərdəbildə axund Mirzə Ələkbərə, Tehranda imam cümələrə və qeyri yerlərdə bunlar kimi fəzilətli lotulara ənam verilibdir. Bəs, ey əzizim, budurmu dünyada yaxşılığın cavabı? Belədirmi vəliyyün-nemətə ehtiram? Mənim bu dünya ilə işim yoxdur; mənim işim üqba ilədir. Mənim Misir və Təbrizlə əlaqəm yoxdur; mənim söhbətim axirət üstədir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 dekabr 1924, №26 * * * Murdar Krımda təyyarəçi məktəbində iki yüz şagird oxuyur. Bunların içində bir nəfər də türk balası yoxdur. Sən nahaq yerə bu sözləri mənə deyirsən; çünki bilirəm ki, bu sözləri mənə deməkdə türk qardaşları məzəmmət etmək istəyirsən ki, nə səbəbə uçucu dərsindən qaçırlar. Mən də bunun cavabında sənə deyirəm ki, çox əcəb eləyirlər qaçırlar. O səbəbə ki, havaya uçmaq peşəsindən qaçmağa tatar millətlərinin iki böyük bəhanələri var. Birinci bəhanə: birinci bəhanə budur ki, tatar millətləri əlhəmdülillah, pak müsəlman ümmətidirlər və müsəlman olduqda, əlbəttə, gərək uçuculuqdan qaçalar; çünki məlumdur ki, təyyarələr havaya benzin yağının qüvvəsi ilə qalxırlar. Benzin yağını əmələ gətirən və ticarətini edən kafirlərdir ki, müvafiqi-şəri-ənvər bu yağların hamısı murdardır. Və bir də tatarlar namaz vaxtı ki oldu, labüddən çiynindəki səccadəsini yerə döşüyüb, üzü qibləyə durub, namazını qılmalıdır. Bunu da ki, müsəlman qardaşlar təyyarədə əmələ gətirə bilməyəcəkdir. Onun üçün yer üzündə səadət içində yaşayan müsəlmanlar həmişə makinadan, matordan və zavod ilə fabrik işlərindən özlərini uzaq saxlayıblar. Bu, birinci səbəbi. İkinci səbəbi də budur ki, uçuculuq özü elə bir sənət deyil ki, onu insan məktəblərində təhsil eləmək ilə təyyarəçi ola. Əgər Allah-taalanın lütfü və mərhəməti olsa, insan oturduğu yerdə təyyarəçi də ola bilər, hələ bəlkə hər bir sair elmə də dara ola bilər, necə ki, indi bu saat gözümüzün qabağında bəzi idarələrdə o qədər bisavad adamlar özlərini bilici yerinə qoyub iş aparırlar ki, sən ondan soruşsan “niyə bisavad ola-ola burada oturubsan?”, deyəcək: “əcəb eləyirəm, peyğəmbər də əlif-bey deməmişdi, bəs, necə oldu ki, peyğəmbər oldu?”. Bunlar hamısı Allahın mərhəməti sayəsindədir. Yoxsa göyə qalxıb havada uçmaq məhz təhsil ilə olsaydı, onda bəs həzrət Cəfər ibn Əbutalibi-Riza (ki, Cəfəri-Təyyar adilə məşhurdur) nə tövr bəs davada qolları kəsiləndən sonra behiştə daxil olub, başladı hurilərin qabağında havada uçmağa? Bunlar hamısı Allahın mərhəməti sayəsindədir; yoxsa, təhsil-zad mənim qulağıma girməz. Onun üçün də İran və tatarlar da təhsildən qaçır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 dekabr 1924, №27 * * * Qalife şalvar Oktyabr bayramında əmələlərdən kəndlərə nümayəndə göndərilmişdi ki, kəndlilərin əhvalını yoxlasınlar və görsünlər əkinçi qardaşların məişəti nə cür keçir. Əmələ nümayəndələri kəndləri gəzəndən sonra elə qəribə-qəribə xəbərlər toplayıb, gətirdilər ki, o xəbərləri qəzetələrdə oxuyanda çoxları ola bilər ki, təəccüb edələr və bəlkə inanmayalar. Əmələ nümayəndələri qəzetələrdə belə rəvayət edirlər ki, “Sobravo” nahiyəsində ispolkom sədri yumuşaq divan üstündə oturub, kəndlilərə etina eləmir və balaca uşaqlar ona baş əyməyəndə üç günüç gecə onları dustaq saxlayır. Qaradonluda ispolkom sədri kondrabatçılıq edir. Petropavlovkada hər kəs ispolkom sədrinə çest verməsə, dustaq olacaq. Əli Bayramov nahiyəsində ispolkom sədri Yapon zəlzələsinə yığılan pulları öz məvacibinə çıxdı. Salyan qəzasının Xılımlı nahiyəsində hökm olunmuşdu ki, iyirmi dörd saatın müddətində naloqlar yığılıb qurtarsın. Göyçay qəzasında naloqları on altı saatın müddətində yığıb, qurtarmaq istəyirmişlər. Həmin xəbərləri hərçənd ki, əmələ nümayəndələri axırıncı günlərin qəzetələrində yazıblar, amma bircə bunu yazmayıblar ki, kəndlilərin başına bu əngəllər haradan gəlir və nə ilə bunun qabağını almaq olar. Bu barədə biz öz rəyimizi söyləmək istəyirik. Bunun ümdə səbəbi budur ki, indiyə kimi hər bir cavan ki, istəyib nahiyələrdə ispolkom qulluğuna girsin, yainki milis rəisi olsun, qabaqca özünə bir qalife şalvarı tikdirib, poxodni çəkmə geyib, ombasına bir tapança bağlayıb və belinə bir şallax taxıb, özünü verib xam kəndlilərin içinə. O cavandan bir soruşan olmayıb ki, aya səni kim göndərib və hara gedirsən? Nə üçün gedirsən və hansı hökumətin əsridir? Mən elə qanıram ki, kəndlərdə olan cəmi şuluqluqların əsil səbəbi budur. Hətta bu barədə Moskvada mühəndislər yığıncağında Rusiya komissarlar şurası sədri yoldaş Riqov da bir belə işarə edib. Həmin yoldaş söyləmişdi ki, hər işi gərək öz xibrəsinə və mütəxəssisinə tapşıraq. Məlumdur ki, yoldaş Riqov bu sözləri tək bircə mühəndislər barəsində söyləməmişdir. Yoldaş Riqov demişdir: Qızım, sənə deyirəm, gəlinim sən eşit! Yəqin ki, üzünü mühəndislərə tutanda yoldaş Riqov bizim Azərbaycan kəndinin məsul işçilərini nəzərə alırmış. Çünki yoldaş Riqova xəbər çatmış imiş ki, Azərbaycan nahiyələrində indiyə kimi kənd camaatını idarə etmək məsələləri o dərəcədə səhl sayıb ki, nahiyə ispolkomları və milis rəislərinin vəzifəsini çox yerdə çayçı şagirdlərinə tapşırırlar. Hər kəs bu sözə irad etsə, biz adbəad və birbəbir nişan verə bilərik. Xülasə əsil mətləb qalife şalvar üstədir. Lağlağı “Molla Nəsrəddin”, 13 dekabr 1924, №27, səh. 4 * * * Kitab məsələsi Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir? Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm. Mətbəə xərclərinin bahalanmağına bais mətbəə işlərinin çoxluğudu. Çünki hər mətbəəyə ki, yolun düşür, görürsən ki, maşinalar gurultu ilə işləməkdədi. Soruşuram; bu çap olunanlar nədir? Cavab alırsan: uşaqlar üçün türkcə qiraət kitabı. Yəni dərsdən çıxandan sonra evdə oxumaq kitabıdır. * * * Dünən istəyirdim bir kitab çapa verəm. Bu kitabı “Maşnal” dilindən osmanlı şivəsilə ərəb dilinə tərcümə eləmişdim ki, bəlkə ensiklopedistlərə gələcəkdə lazım ola. Kitabın məzmunu da modni bir məzmunda idi. Xülasə, kitabı birinci mətbəəyə apardım. Dedilər: Macal yoxdur. Şagirdlər üçün kitab çap eləyirik. İkinci mətbəəyə apardım. Yenə macal yoxdur. Asudə uşaqların oxumağı üçün kitab çap olunur. Üçüncü, dördüncü. Bunlarda habelə türk uşaqları üçün hekayələr çap olunur. Buradan qayıdırdım, gördüm kitab mağazaları doludu kitab ilə. Hamısı təzə çapdan çıxıb. Baxdım çoxusu evdə uşaqlar oxumaq üçün türk kitabıdı. Bəs, əzizim, dünyada belə işlər də olur. Yəqin ki, mənim bu cızma-qaramı çoxları zarafat hesab edəcək. Amma zarafat hesab edən səhv eyləyəcək. Çünki o özü düz adam olsa, o cür bədniyyət olmaz ki, Azərbaycanda türk şagirdləri üçün əbədən oxumaq kitabı kitabxanalarda və kitab mağazalarında tapılmaya. Hərçənd ki, doğrudur, indiyə kimi belə-belə kitablar bizlərin içində adət düşməyib, amma eyb eləməz. O şey ki, dünən ağıla sığışmayan bir şey hesab olunardı, bu gün lap yaxşıca adət olub. Məsələn: Dünənləri arvadını hamama, məscidə buraxmayanlar, bu gün gecələr gəlib darülfünunun qapısında durur ki, bacısını yainki arvadını götürüb evə aparsın. Belə də olmalıdır. Çünki küçələrdə olan məşhədilərin deyil, bəzi azadlıqda ifrat edən tələbələrin də əlindən qurtarmaq üçün bu kimi gecə qaravulları lazımdır. Lağlağı “Molla Nəsrəddin”, №28, səh. 3, 20 dekabr 1924 * * * Fars konsulu Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar. Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik. Amma İran azərbaycanlıları inşallah görəsən təzə təşrif gətirən və türk dilini bilməyən fars konsullarını göndərəndə nə deyəcəklər? Amma ola da bilər ki, bir söz deməyələr. Necə ki, Təbrizə təyin olunan fars valiləri və qeyri-fars məmurları azərbaycanlılar ilə farsca danışanda və azərbaycanlılar onların dilini qanmayıb, mətəl qalanda bir kəs çıxıb deməyib ki, ay baba! Mən əgər Azərbaycan türkiyəm, nə səbəbə mənim idarəmdə mənim öz ana dilim ilə mənim ilə danışmırsan? Pociviyom, uvidim. Yəni inşallah görərik axırı nə olacaq. Cırcırama “Molla Nəsrəddin”, 27 dekabr 1924, №29, səh. 7 * * * Allah, bədnəzərdən saxla! Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər. Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir. Kiçik məsələ Azərbayçan məsələsidir: xah Şura Azərbaycanı, xah İran Azərbaycanı. Bu barədə qəzetdə heç bir işarə yoxdur; bir surətdə ki, Qəzvin cəridəsi görməyə bilməz ki, onun qulağının dibində şimal tərəfdə bar-bar bağıran Şura Azərbaycanında dünən yox srağa gün Misir üstə hücum çəkən ingilis dünyagirləri qarşısına böyük bir çıxışlar və hətta cəmiyyətlər təşkil olundu və olunmaqdadır. Qaldı o biri böyük məsələ: o da İran-Türkiyə məsələsidir ki, bunların dal-dala verməkləri yolunda “Nəsihət” qəzeti uzun bir nəsihət başlayıb. Amma çox təəccüb. Və yəqin ki, qəzetin müdiri təzəlikdə Marsdan yer üzünə düşüb və nə Türkiyədən və nə İrandan əsla xəbəri yoxdur. Və mən heç bunu başa düşmürəm ki, müdir cənabları necə cürət edib İran-Türkiyə sözü danışır? Məgər o bilmir ki, indiyə kimi Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərəcədə qədəğən tutub ki, bu sətirləri cızma qaralıyanın gözünün qabağında Təbriz şəhərində həftənin bu başı, o başı kitab mağazalarında saxta axtarışlar əmələ gəlirdi ki, məbada-məbada orada bir türk kitabı tapıla. Hələ sən bu cür səfahətin qabağını al, qalan işlər də sənə peşkəş olsun. Lağlağ “Molla Nəsrəddin”, 27 dekabr 1924, №29 * * * Ev adları Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq? Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar. Bir para ev idarələri hər nə ki, zehnlərinə gəlir o adı da kora-şilə qoyurlar. Amma komunxozların qərarına görə gərək təzə seçilən ad elə ad ola ki, bir belə ad ayrı bir evə qoyulmuş olmaya. Odur ki, indi bir növ çətinlik vaqe olub. Çünki Bakıda neçə-neçə böyük evlər var ki, onların haqq-hesabını bəlkə heç kəs bilməz. İndi bu saat “ciltovarişstroy” idarələrində böyük məsləhətməşvərətlər qurulmaqdadır. Bir para idarələrin qoçaq müəllimləri dinməz-söyləməz hərə öz familiyalarının baş hərflərini bir yerə cəm eləyib bir valenyuk düzəldiblər. Amma qeyri-müdirlər kora zehinlikləri səbəbindən lap mətəl qalıblar. Necə ki, dünən Zinoyev küçəsində 57 nömrəli evdə bir mərəkəli yığıncaq var idi. Aya evə nə ad qoymaq? Bəs, ev idarələrini belə bir çətinlikdən qurtarmaq üçün biz “Molla Nəsrəddin” idarəsi tərəfindən bir neçə ev adı düzəldib, təklif edirik ki, bu adlar hansı evə yaraşar və oxşasalar həmin adı qoysunlar. Məsələn: Həmən Zinoyev küçəsindəki beş və yeddinci nömrəli evə bir belə ad qoymaq olar. Məsələn: “Qarət”. Bu adı bu evə biz o səbəbdən münasib görürük ki, hər kəs bu evin tarixindən xəbərdardır, o bilir ki, bildir yox iniş il həmin ev torpaq-meşə soyuzunda olan zaman bu evin bir neçə qoçaq müdiri evin taxtapuş dəmirini, qarını və qapılarının qıfıl həncamalarını və evin daxı da qeyri bir dəyərli şeylərini təmir bəhanəsi ilə xəlvətcə satıb, pullarını... o söz. Sonra qeyri böyük evlər üçün biz yenə cürbəcür ad təklif edə bilərik: Köhnə poçta küçəsindəki 64 nömrəli böyük evə ad qoya bilərik: “Üfunət”. Bu adı yaxşı olardı yazdırıb, dalandakı zibil qutusundan asaydılar ki, zibili orada bu ilədən gələn ilə kimi aparıb atmağa macal tapılmır. Qeyri evlərə də belə-belə adlar yaraşar: Xaraba, kəsalət, zibil dağarcığı, qoxumuş balıq, karvansara, damcıxana, qoyun yatağı, məxrubə, silodka buxçası, ac həriflər və qeyri... Yenə lazım olsa, yazarıq. Lağlağı “Molla Nəsrəddin”, 3 yanvar 1925, №1, səh. 5 * * * Təzə il Bu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi. Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir. Pək böyük tarixdir. Onun üçün də indi əsrimizin qiyam-qiyamətinə baxmayaraq, korların gözlərinin açılan vaxtında, karların qulaqlarının eşidən vaxtında köhnə zənglərin zınqıltısı yoldan keçənlərin qulaqlarını kar elməkdədir. Həqiqət-çox böyük tarixdi. Onun üçün də İsanın tarixi bu ildən o ilə keçən kimi idarələr, məktəbxanalar və karxanalar “Qış kanikulu” adı ilə qapılarını bağlayıb, hətta yəhudi və müsəlman şagird və tələbələrin iki-üç həftəyə qədər təhsildən məhrum elədilər. Onun üçün də bikar camaat neçə gün rusca qəzetə oxumaqdan əli üzülü qaldı. * * * Mən də bayramqabağı yoldaşlara dedim: Tətil eləyək. Yoldaşlar bir söz demədi. Çünki gördülər ki, biz tətil eləməsək, meydanda tək qalarıq. Ancaq yoldaşlardan “Dəli” imzalı yoldaşımız istədi razı olmaya. Biz yığışdıq və yalvar-yaxar elədik və onu bir təhər yumşaltdıq və dedik: – Əzizim, sən heç narahat olma! Qoy biz də qapıları bağlayaq və zəhmət müdirinin nəsihətini yerə salmayaq. Əgər sənin qorxun o yerdədir ki, bəlkə dedilər: “İndi Molla Nəsrəddin idarəsi də (İsabaz) olub”. Onda biz də qeyriləri kimi bir belə biclik elərik; Biz də qeyriləri kimi deyərik: Camaat! Biz İsa təvəllüdü münasibəti ilə yox, biz “Qış kanikulu” münasibəti ilə işdən qalırıq. Qoy xalq ha başlarını sındırıb, axtarsınlar görək aya bu qış kanikulu nədir? Canları çıxsın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 yanvar 1925, №2, səh. 1 * * * Haqq söz Qəzetələr yazır ki, Şamxor müəllimləri acından dilənirlər. Əlbəttə, qəzetələrin sözü haqdır. Əgər maarif müdiri deyir ki, “Mən nə eləyim?”, “Artıq pulu haradan alım ki, müəllimlərə də artıq məvacib verim?”. Əlbəttə, bu da haqdır. Əgər bunun müqabilində Şamxor müəllimləri deyir ki; – Xob, bizə ki, artıq pul tapa bilmirsiniz verəsiz, eybi yoxdu, biz ötüşərik. Amma bu şərt ilə hamı qulluqçular bizim kimi ayda bir dəfə ət pişimişindən artıq bir şey yeməsin və gecə-gündüz yağ ilə bal içində üzməsin. Bu da haqdır. Əgər Şamxor müəllimlərinin bir kəlamı da budur ki, onlar iclasa gedib gözlədilər, sədr gəlib çıxmadı və zəhmətləri bihudə getdi. Bu da haqdır. Əgər bunun cavabında sədr deyir ki, mən iclasa gedəndə tək səbir gəldi, qayıtdım. Bu söz də haqdır. Əgər Şamxor müəllimləri gündüz cocuqlara dərs verib, yorulandan sonra bir də yekə kişilərə dərs verirlər. Amma kitab yoxdu. Bu da düzdü. Əgər bunun müqabilində Lağlağı da deyir ki, bəs bu qədər mətbəələr gecə-gündüz hədsiz kitab çap eləyirlər, bəs, niyə dərs kitabı gedib çıxmayıb? Bu da düzdü. Əgər Şamxor müəllimi sinifdə bir uşağın qulağından yapışanda qulaq əzbəski o qədər çirkli olur ki, müəllimin əlindən zuvulduyub çıxır. Bu, düzdü. Əgər uşağın atası deyir ki, nə yaxşı ki, Şamxorda kooperativdə sabun tapılmır ki, uşağımın qulağını təmiz saxlayım. Təmiz olsaydı qulaq zuvuldamazdı. Uşaq bir az inciyərdi. Bu da haqdır. Əgər Şamxor doludu azarlı zarınan. Bu söz düz sözdü. Əgər bunun cavabında Şamxor məhəlli hökuməti deyir: “Mən nə eləyim ki, həkim tapılmır. Çünki Bakıda böyük məmuriyyəti qoyub, heç kəs Şamxora gəlmir. ” Bu da düzdü. Əgər Şamxora gedən “bakılı” elə bilib ki, iki arşın donmuş qarın altı şosse yolu da elə beləcə düz yoldu, bu bir qəflətdi. Amma düz söz arabanı sürənin sözüdü ki, şossenin ayıbını ancaq qar örtüb. Yoxsa şossenin çala-çuxuruna “Azvin”-in cəmi şərab butulkalarını doldursan, yenə gərək konkordiyadan hələ borc götürəsən. Əgər bu sətirləri oxuyan desə ki, Lağlağının başına soyuq dəyib, bunun cavabında Lağlağı da and içib, deyə bilər ki, “Vallah, yazmağa bundan savayı bir söz tapmadım”. Lağlağı “Molla Nəsrəddin”, 10 yanvar 1925, №2, səh. 4 * * * Ticarət naloqu Qəzetələrdə gözümüzə bir belə yazı sataşdı: Bir nəfər yazıçı : “Bədbin” imzası ilə yazır ki, Bakı komunxozu alverçilərdən naloq almaqda o qədər tərəqqi edib ki, bir nəfər küçədə susatan uşağa ayda on manat naloq təyin eləyib. Məqalə sahibi komunxozların bu cür naloq almağını oxşadır keçən vaxtlarda İranda bir şəhərin komunxozunun əhalidən naloq istəməyinə. O vədə şəhərin hakimi hökm eyləmiş imiş ki, hər pinəçidən əlli tümən alınsın. Çünki pinəçilik böyük ticarətdi və hər bir çolağdan əlli tümən alınsın. O səbəbə ki, çolağın ikiayaqlılara nisbətən başmaq xərci yarıbayarı azdı. Keçəllərdən həmçinin əlli tümən alınsın. Çünki keçəllərin dəllək xərci yoxdu. Bundan da savay hər bir Məmmədəli adlı əhalidən yenə əlli tümən alınsın. Bu səbəbə ki, İranda Məmmədəli adında adam çoxdu. Həmən şəhərin naloqyığanı düşür bazara və rastına gələn bir pinəçidən əlli tümən istəyən kimi biçarə dik atılır ayaq üstə. Məlum olur ki, pinəçi bir qıçlı imiş. Aha, əlli tümən də dübarə verəcəksən. Pinəçi istəyir etiraz eləsin. Naloqçu onu itələyir, papağı düşür yerə. Baho, sən ki, hələ keçəl imişsən. Xülasə, nə başını ağrıdım, bu qilu qalə adamlar yığışır, bəlkə pinəçiyə imdad eləsinlər. Məlum olur ki, bu evi xarabın hələ adı Məmmədəli imiş də. Üç qat əlli tüməndən savay bunun üstünə əlli tümən də gəlir. Axırını Allah bilsin nə olur. * * * Bu çürümüş sözlər bir qəpeyə dəyməz. Sonra əgər məqalə sahibi İran işlərindən bu rəvayəti yazmaq da istəyir ki, Bakı Komunxozuna sataşsın. Bu nahəqq bir fikirdir. Hər şəhərin bir komunxozu olar. Şəhəri idarə etməkdən ötrü hər bir tacirdən müəyyən vergilərdən cəm olunur ki, şəhərin abadlığı və təmiri yolunda məsrəf olunsun. İkinci də budur ki, xah pinəçi oldu, xah küçədə susatan oldu, bunların hamısı tacirdi. Qələt eləyirlər. Əgər indidən bunlara rəhm olunsa və xod verilsə, bir də baxıb görəcəksən ki, pinəçi sabah döndü bir başmaqçı oldu. Susatan da böyüdü, axırda bir limonadsatan və bəlkə də bir çayxana sahibi oldu. Məqalədə yazılıb ki, susatan uşaq Məmmədəli Bakı Komunxozundan bir ərizə yazıb, verib Azərbaycan İcraiyyə Komitəsinə və ərizənin başında yazıq uşaq belə xitab edir: – Ey qüdrət sahibi Azərbaycan İcraiyyə Komitəsi! Mənə rəhm eylə, mənə imdad et! Bunların hamısı keçəndən sonra biz də öz tərəfimizdən Bakı komunxozuna üzümüzü tutub, deyirik: – Ey qüdrət sahibi, Bakı komunxozu! Aman günüdü, özünü bərk saxla! Məbada susatan Məmmədəli uşağa xod verəsən. Şəhərimizin abadlığının nicatı məhz onun və onun yoldaşlarının vergilərindən asılıdı, aman günüdü, özünü bərk saxla! Lağlağı “Molla Nəsrəddin”, 17 yanvar 1925-ci il, №3 * * * Uşaq teatrı İstəyirdim bu gün uşaq teatrı barəsində bir neçə söz yazam. İstəyirdim yazam ki, aya, nə səbəbə böyükləri teatra cəlb eləmək yolunda bu qədər zəhmətlər sərf eləyənlər uşaqları bir dəfə də olsa, yada salmırlar? İstəyirdim yazam ki, bunun çavabında teatr “sahibləri” deyəcəklər ki, uşaqlar üçün pyeslərimiz yoxdur; onda mən yazacaq idim ki, az qala cürbəcür dillərdə pyeslərin tərcüməsinə bu qədər pullar ötürüldüyü yerdə nə olardı ki, uşaq pyesi yazmağa da bir neçə qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana. Xülasə, bu barədə bu gün istəyirdim bir məqalə yazam; amma bir qədər fikirləşdim və gördüm ki, mənim bu yazmağım bir nəticə bağışlamayacaq. O səbəbə bağışlamayacaq ki, mən yazdığım töhmətin qabağında teatr sahibləri elə bir dəlilli və isbatlı cavab verəcəklər ki, hələ mən onların yanında borclu çıxacağım. Onlar mənə iki dəlilli və isbatlı cavab verəcəkdilər: biri budur ki, deyəcəkdilər ki, biz əgər uşaqları teatra cəm eləmək fikrinə düşmürük, bunun səbəbi budur ki, biz müsəlmanıq və uşaqlarımız da müsəlman balalarıdı. Və məlumdu ki, müsəlman içində uşaqları həmişə böyüklərdən uzaq saxlayıblar və böyüklərin məclisindən onları qoruyublar və yenə qoruyurlar və yenə uşaqları kişilərdən qorxulu saxlayıblar. Əlbəttə, Şərq aləmində bunun bir səbəbi və mənası var. Ancaq bunu hamı bilir ki, bir məclisə, ya bir evə kişi qonağı gələndə uşaqları da arvadları qovan kimi qovublar qaranlıq otağa. Amma bu cavabdan savayı teatr müdirlərimizin ikinci cavabı da var ki, qabaqkı cavabdan da tutarlıdır: onlar deyəcəklər ki, uşaqlar üçün gündüz teatrına heç bir ehtiyac yoxdur; çünki hər gecə böyüklər üçün verilən teatrlara nəinki məktəb şagirdi, hətta əmcək uşaqları da analarının çarşabı altında ağlaşa-ağlaşa gəlməkdədirlər. Əgər bunun da qabağında götürüb yazasan ki, gecələr böyüklərə göstərilən eşqbazlıq nümayişlərini on iki yaşında uşaqlara göstərmək yaramaz, – onda cavab verəcəklər ki, çox əcəb yarar. Sən deyirsən yaramaz, – bu sənin əqidəndir, amma mənim də rəyim budur ki, bunun heç bir kəsə bir ziyanı yoxdu. Lağlağı “Molla Nəsrəddin”, 31 yanvar 1925, №5 * * * Axır çərşənbə İki həftə bundan qabaq gördüm ki, çərşənbə axşamı müsəlman məhəlləsində həyətlərdə və damların üstündə saqqallı kişilər küçə uşaqları ilə birlikdə tonqal qurub, od yandırırlar və alovun üstündən o tərəf – bu tərəfə tullanıb deyirlər: “Ağırlığım-uğurluğum bu odun üstə tökülsün!”. Bu belə keçdi. Bir həftədən sonra gördüm ki, haman saqqallı kişilər və haman küçə uşaqları həmin işə məşğuldurlar; yəni od yandırıb, üstündən tullanırlar və həmin sözləri deyirlər. Öz-özümə bu fikirdə idim ki, bu günlərdə mübarək Şirazda təb olunmuş ağayi-Mirzə Əhməd münəccimbaşının (başını piyləyim) təqvimi əlimə düşdü, açdım və gördüm ki, üzümüzə gələn təzə ilin barəsində ağayi-münəccimbaşı belə yazır: “Təhvili-şəms bebürci-həməl ruzi-çaharşənbə pəncümi-şəbanül-müəzzəm 22 dəqiqə və 39 saniyə əz ruz güzəştə ki, onra türki “ud il” guyənd və be ərəbi, “bəqər” və befarsi “gav” guyənd”. Hə, burada barmağımı dişlədim: bu il – öküz üstə təhvil olur; yəni bu il – ağır olacaq. Müsəlmanları öküz ağırlığı qədərində kəsalət basacaq. Bəs, nə eləmək? – Axır çərşənbə axşamı damların üstündə od yandırmaq və üstündən tullanmaq ki, bu ağırlıq, bu kəsalət rədd olsun getsin. Bunu mən bilirdim; bilirdim ki, islam aləmində il axır çərşənbə olub və həmişə çərşənbə axşamları damların üstündə od yandırıblar ki, təhvil nühusətindən nicat tapalar; ancaq sözüm burasındadır ki, qədimül-əyyamdan mən bircə “il axır çərşənbəsi” eşitmişdim. Bəs, bu nədir? Bunun adı tərəqqidir. Qardaş, dəxi çox danışma! Dəxi demə ki, tərəqqi eləmirik. Tərəqqi o deyil ki, bikar-bikar balaca müsəlman qızları kitabçalarını qoltuqlarına vurub küçə dolusu mədrəsələrə gedib dərs oxuyurlar. Ancaq biz onu görürük ki, qədimül-əyyamdan tək bircə dənə “il axır çərşənbəsi” tərəqqi edə-edə qabaqlarda iki oldu, sonralar üç-dörd və indi artdı altı oldu. Kim nə bilir, bəlkə həmin çərşənbə odu hər gün və hər gecə yanmalıydı ki, onun alovunun içində həmin təhvil öküzünün kəsaləti yanıb puç olsun və həmin ağayi-münəccimbaşının təqvimi yanıb şölələnsin, ta ki, mömin müsəlman qardaşların puç beyinləri Şərqin müzəxrəf münəccimbazlığından xilas olub bir dəqiqə nəfəs çəkə bilə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 mart 1925, №10 * * * Dindarlıq Mən yazılarımı indiyə kimi “dinsizlik” ünvanı altında yazırdım. Amma indi görürsünüz ki, dinsizliyi tullayıb dindarlıq moizəsi eləyirəm. Demək, istiğfar eləyirəm; demək, ağ ləkə qara ləkəni basır. * * * Bu peşimançılığa, əlbəttə, bir səbəb var: heç bir nəticə yoxdur ki, onun səbəbi olmasın, heç bir axır yoxdur ki, onun ibtidaisi olmasın. Dinsizlikdən bari-pərvərdigarın tərəfinə qayıdıb gəlməyimin səbəbi budur ki, aşağıda ərz eləyirəm. Səbəbi də yəni heç örtülü deyil, çox açıqdır. Mən baxıb gördüm ki, məndən çox artıq oxumuş adamlar dinə, cənnət və cəhənnəmə heç bir zərrə qədər etibar eləmirlər, oruc tutmurlar, namaz qılmırlar, şaxsey getmirlər, baş yarmırlar. Hələ bunlar səhldi. Mən görürdüm ki, dəxi mollaların hörməti götürülür; görürdüm ki, qazi və şeyxül-islamların varlığına ehtiyac qalmır; görürdüm ki, böyük-böyük xaçpərəst xəlifələrini camaat öz içindən çıxarıb, kilsələri təlimxanaya, yetimxanaya döndərirlər. Hətta, dinlər vətəni hesab olunan islam aləmində də peyğəmbərin xəlifəsini İstambuldan çıxardırlar. Əlbəttə, bu halda məndə dinsizlik bir təbii nəticə idi. Dəxi nə dinbazlıqdır?.. * * * Amma bu axır günlərdə mənim etiqadıma böyük bir rəxnə toxundu. Buna da bais Tiflisdən mənə qəzetlər vasitəsilə yetişən bir xəbər oldu ki, guya Tiflisdə vaqe olan Şura Cümhuriyyətləri İttifaqının qurultayına böyük bir xaçpərəst katalikosu tərəfindən təbrik teleqramı gəlib və bu xəbər “Bakinski raboçi” qəzetində iri hərflərlə çap olunmuşdu. Bunu oxuyandan sonra burada öz-özümə fikrə getdim: xub, bir gün bir xəbər gəlir ki, bir xəlifəni taxtdan salıblar, indi də xəbər gəlir ki, xəlifə özü təbrik teleqramı göndərir. Və hamı da etiqad edib ki, xəlifə doğrudan da bolşevik “tərəfdarıdır”. Bu xəbəri eşidən kimi dinsizliyi tamamilə boşladım. Bildim ki, dünyada dinin olması da hərdən bir lazım olur. Amma hələlik qəlbimdə yenə bir şübhə var. Çünki hələ bu xəlifənin itaətində olan minlərcə kilsələrdən birisi də olsa, yetimxanaya və məktəbə təbdil olunmamışdır. Hərgah bunlar da vücuda gəlsə, mən lap dinçi olacağam və xəlifəyə də təqlid eləyəcəyəm. Qoy müsəlman müctəhidləri nə deyəcək desin. Dəli “Molla Nəsrəddin”, 14 mart 1925, №11 * * * Varlılar bayramı Novruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1. Böyük xərci və 2. Nəhayət zəhməti. Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək. İki ay bundan qabaq iki put Kürdəmir yağı aldım, iki put da xalis Sibir yağı aldım (Sibir yağı bir az şübhəli olduğuna görə Molla Məhəmməd Cəfərə məsləh elətdirdim, dedi eybi yoxdur), on put əla buğda götürdüm, iki kisə sədri düyüsü götürdüm; bunun kişmişi, xurması, badamı, albuxarası və zirə-zəfəranı da öz qaydasınca. Bu plov dəstgahı; bir neçə yüz manat bura getdi. Çərşənbə xərci: püstə-badam, xurma, kağızı badam, səbzə, gərmiyan, incir, alana, qax, haqverdi əriyi, miyanpur, alma, nar, üzüm, fındıq, şabalıd, lumu, portaxal... Bu da belə. Bayram şirnisi: hər qism noğul, hər qism konfet, hər qism qürabiyyə, paxlava, rahəthülqum, şəkər-çörək və hər qism şəkər-çörəklər... Qaldı evdə bişən növ-növ yağlı, yumurtalı, badamlı və zəfəranlı çörəklər. Bunlar hamısı neçə yüz manata baxır. Bəs, bayram paltarı? Gör bu neçə yüz manat aparacaq? Qaldı zəhməti. İki aydır yuxudan doymaq yoxdur: gərək sübh tezdən durasan və gedib gətiricilərin qabağını kəsəsən, alasan, hambala verəsən, bir evə qayıdasan, bir bazara gedəsən, yenə evə qayıdasan, yenə bazara gedəsən. Ev yığışdırmaq, ev tökmək, ev təmizləmək, ev süpürmək, qab-qacaq, qalay, kömür, odun... İndi qaldı bayram görüşü. Gör neçə yerə lazımdır getmək, neçə qonağın qabağına çıxmaq, yola salmaq. – Hacı ağa, bayramın mübarək olsun! – Ay səninki ilə belə! Amma dünən bizim balaca oğlan mənə bir qəribə sual verdi; dedi: – Dədə, bəs, kasıblar bu qədər pulu haradan alırlar ki, bayram saxlayırlar? Dedim: – Kasıbın bu qədər pulu olmaz. Uşaq bir az fikrə getdi və yenə soruşdu: – Bəs, kasıblar məgər bayram saxlamır? Mən də bir az fikir edib, sözün doğrusunu dedim: – Yox, bala, kasıb bayram saxlamaz. – Dədə, elədə bu novruz bayramı varlıların bayramıdır? – Bala, deyəsən, sən deyənə oxşuyur. Neçə-neçə belə bayramlar görmüşəm və hər dəfə yüz-yüz manatlar xərcləmişəm və bayram saxlamışam. Amma deyəsən, bircə bu mənim yadıma düşməyib ki, mənim kasıb qonşularım yüz-yüz manatları tapa bilməyiblər ki, mənim kimi onlar da bayram saxlasınlar. Mən indiyə kimi elə bilirdim ki, mənim cəmi qonşularım bayram saxlayır. Ancaq dünən bunu bildim; – Dədə, bəs, kasıblar necə pulsuz bayram saxlayır? Bircə həqiqət bu imiş: novruz bayramı ancaq varlıların bayramıdı... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 mart 1925, №12 * * * Ticarət malının cinsliyi Əvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur: Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər. Qeyri ticarətxanalarda satılan müqəddəs mallardan biri də axund Qulamrza tərəfindən “Yaşıl günbəz” məscidində fərmayiş olunan bir ibarədir ki, onu hərçənd axund cənabları məsciddə arvad-uşaq içində danışıblar. Ancaq həmən sözlər nalayiq və həyaya toxunan sözlər olduğundan biz burada yaza bilmədik. Qaldı təzə bir nadidə və modni bir mal ki, deyəsən, Nəcəf ül-əşrəfdən onu axund, şeyx Qəni həzrətləri təzə gətirib. Belə ki, məscidicamedə və təbrizlilər məscidində ramazanın 9-cu gecəsi əsnayi-mövizədə şeyx cənabları belə buyurdular: Həzərat! Elə bilməyin ki, dünyada Şümür bir imiş. Xeyr, bir deyilmiş, iki imiş. Biri həmən Şümürdür ki, imam Hüseynin qətlinə fərman verdi. Biri də həmin Şümürdür ki, bugünkü ruznamaləri yazıb, bizi biabır edir. Allah ikisini də cəhənnəmdə məzər eləsin! (Mabədi olacaq) Cırcırama “Molla Nəsrəddin”, 11 aprel 1925, №15 * * * Gizlədirlər Biz həmişə eşitmişik və görmüşük ki, çox adamlar oruc yeməklərini mömin müsəlmanlardan gizlədiblər. Yəqin ki, bu adət qədim əyyamdan qalıb: yəqin etmək lazımdır ki, vəhşi camaat arasında oruc yemək elə bir böyük çinayət hesab olunub ki, orucunu yeməyə məcbur olanlar xəlvət bir yer altı axtarıblar ki, bir kəs onları görməsin. Hələ nəinki uzaq və qaranlıq islam məmləkətlərində, bu hal indi də bu surətdə qalır, hətta indi bu saat gözümüzün qabağında həmşəri palanında bir kəs cürət edib orucunu yeyə – gör qoçağım şeyx Qəni ağa o məlunun başına nə iş gətirər!.. Demək, oruc yeməyi gizlətmək təbii bir haldır və buna da təəccüb eləməli deyil; amma sözümüz oruc tutmağı gizlədənlər barəsindədir. Burada çox məzə var. Dünən axşama iki saat qalmış bizə bir qonaq gəldi. Evimizdə çay dəmdə idi; bir stəkan çay tökdük, qoyduq qabağına. İçmədi və dedi ki, ürək döyünməsi səbəbindən həkimlər çay içməyi ona qədəğan ediblər. Sonra məlum oldu ki, papirosu da haman səbəbdən ona qədəğən ediblər. Amma haman gün axşamdan iki saat sonra haman rəfiqimi ədliyyə məhkəməsində tamojna qəhrəmanlarının işində mən papiros çəkən gördüm. Məlum oldu ki, hərif oruc imiş. Özü də müəllimdi. Gəlib çıxırıq mətləbə: demək, orucluqda gizlənənlər qabaq əsrlərdə ancaq oruc yeyənlər idi. İndi duanın bərəkətindən və mədəniyyətin və maarifin tərəqqi etməyi səbəbindən orucluqda gizlənənlərin bir qismi də ərsəyə gəlib ki, o da haman “millətpərəst” və bir para “ziyalı”larımızdır ki, qara camaat içində nüfuzlarını itirməmək üçün lazım olan yerdə özlərini mömin və müqəddəs qələmə verirlər və lazım olan yerdə ziyalılar cərgəsində əyləşirlər. Duanın bərəkətindən belə-belə ikiüzlü millətpərəstlər və “ənənəçi”lər indiki əsrdə müsəlman ziyalılarımızın hər bir məhəlləsində axtarsan tapılar. Cırcırama “Molla Nəsrəddin”, 18 aprel 1925, №16 * * * İki cür möcüz Təzəlikdə Amerikada “Hiyufant” vilayətində təzə təsis olunan elektrik stansiyasına bəzi axmaqlar möcüz ad qoyurlar. Guya bu illətə ki, həmin elektrik stansiyasına iki yüz milyon at qüvvəsi əmələ gətirəcək. İyirmi milyon kilovat işıq verəcək və Şimali Amerikanın cəmi zavod və mədənlərinin yarısını işlətməyə və işıqlandırmağa qadir olacaqdır. Bu barədə Bakıda on yeddinci klubun zalında ramazanın 23-də professor Nikolayev tərəfindən müfəssəl məruzə oxundu ki, möcüz o deyil. Möcüz odur ki, həmən gecə qubalılar məscidində bir nəfər ləzgi istəyirmiş minbərə çıxıb xütbə oxusun. Elə ki, ağzını açıb, birdən yıxılıb və həmən saat can verib, ölüb. Həmən saat camaat həyəcana gəlib, bu işi möcüz hesab edib və fövri şeyx cənablarına üç yüz otuz manat pul yığıb, verib, dağılıblar. Möcüz budu, bax! Ay axmaqlar! * * * İkinci möcüz Orta əhya gecəsi Bakıda iki yerdə leksiya oxunub. Biri Hacı Pirverdi məscidində, biri maarif evində. Məsciddə leksiya oxuyan Hacı molla Əbdürrəhim qazi cənabları idi. Maarif evində təzə Moskvadan gələn professor və məşhur mühəndis Vasilyevskidir. Professor cənabları belə rəvayət edirmiş ki, indiki halda Almaniyada və Amerikada ixtira olunan radio hikməti vasitəsilə dəryanın kənarında əyləşib və böyük-böyük ümman dəryalarında cəmi gəmiləri kapitansız, yəni gəmilərdə bir nəfər olmaya-olmaya onları dəryada hər tərəfə ki, lazımdır, dolandırmaq mümkündür. Hətta hərbi donanmaları elə idarə eləmək mümkündür ki, onların içində qurulan toptüfəng və qeyri-bir atəşli və barıtlı partlayıcı şeylər lazım olan vaxt partlasın və öz vəzifəsini əmələ gətirsin. Guya buna da möcüz ad qoyublar. Amma o bikarların xəbəri yoxdur ki, həmən gecə Qazi cənabları həmən Hacı Pirverdi məscidində ağılları heyran qoyan fəsahəti ilə bir belə dərin mənalı rəvayət söyləyirlər. Guya bir günləri İranda bir qəsəbədə pahdarlar odun daşıyan atlardan bir qran və eşşəkdən on şahı alırmışlar. Əhali görüb ki, bu iş dəxi sərf eləmir. Odunu dallarında daşımağa başlayıblar. O vədə qoçaq pahdar deyib; xob, iş ki, belə oldu, mən də sizin dördünüzü bir eşşək ayağından hesab edib, dördünüzə on şahı alacağam. Bunu fərmayiş edib, qurtarandan sonra axund cənabları bunu da əlavə edib ki, bir gün həzrəti-risalətpənah meraca gedən vaxt qabiqövseynə yetişib, görür ki, iki nəfər iranlı oturub, birinin yanında buxça və əlində arşın, birinin yanında palan. Həzrət soruşur: – Siz kimsiniz? Buxçalı cavab verir: – Mən təbrizliyəm, gəlmişəm mal satmağa. Palanlı da deyir: – Mən Sarab və Ərdəbil hambalıyam. Məsciddə İran camaatı bunu eşitcək yerindən durub, qazi cənablarına bihörmət sözlər deyib, məsciddən dağılıb, gedir. Lağlağı “Molla Nəsrəddin”, 25 aprel 1925-ci il, №17 * * * Qəribə tapmaca Doğrudan da bu tapmaca çox qəribədir. İndi bir Allah bəndəsinin yolu düşə Parijə, ya Londona. Bu tapmacanı orada söyləyə. Yəqin ki, belə bir sözə orada heç bir kəs inana bilməz. * * * Tapmaca O hansı konsuldu ki, Bakı kimi böyük şəhərə konsul təyin oluna və gəlib çıxa Bakıya. Görə ki, bu şəhərdə yaşayan neçə min təbəəsinin heç birisi nə konsul cənablarının dilini başa düşür, nə də konsul onların dilini bilir. Axırda lazım gəlir ki, bir hambal konsulun hüzuruna gəlib, şikayət eyləməli olsa, məcbur ola öz yanınca bir dilmanc da gətirməyə? Hər kəs bu tapmacanı tapsa, söz verirəm axund-molla Tağıdan iltimac edəm ki, bayram günü ərdəbilli məscidimizə Seyid Mirhəsən Ərdəbiliyə yığdığı altmış manatın yarısını həmən seyidə verəndə və yarısını da bərayi-ehtiyat öz yanında saxlayanda həmən puldan bir qədər xərclik də bizim tapmacanı tapana karsazi eləsin. Axund cənabları desə ki, xeyr, mən pulların hamısını seyidə verdim. Onda biz də onun cavabında iki sübut gətirə bilərik: Biri rəisi-məscid ağayi-Mirmahmud olsun Allah şahiddi. İkinci də bu ki, xob, əgər axund həzrətlərinin çeşmidaştı yox idi, bəs nə səbəbə pulları dəsmala yığıb, qurtarandan sonra istədi versin seyidə? Nə səbəbə başladı axıra kimi sayıb qurtarmağa? Bu bir manat, bu iki manat, bu da altmış manat. Demək, əgər axund cənablarının bu gözlətməsi yox imişsə, nə səbəbə pulun miqdarını bilmək istəyirmiş? Cırcırama “Molla Nəsrəddin”, 2 may 1925-ci il, №18 * * * Qərardad Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər. * * * Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar? Həmçinin qeyri bayramlar: məhərrəmlikdə də işdən-gücdən başım ayılmayıb ki, gedəm şəbih gətirənlərə tamaşa edəm. Habelə qurban bayramı, habelə qeyri müqəddəs bayramlarımız. Qardaş, vallah, vaxtım olmur. Bunların hamısına bikarçılıq lazımdır. * * * Hər nə isə, lap xarab olmuşdum və bir qədər belə keçsə idi, axırda bilmərrə müsəlmançılığı yaddan çıxaracaq idim. Amma, şükür olsun Allaha, minlərcə rəhmət olsun səbəbkarın ata və anasına. Əhvalat belədir: Dünən idarədə oturmuşdum, təzə çıxan ruznaməni gətirdilər, oxudum: zəhmət komissarı tərəfindən qərardaddır: “Aprel ayının 25-ci günü cəmi müsəlman qulluqçuları gərək qulluqdan azad olalar, çünki bu gün eydi-fitrdir”. Çünki həmin günü müsəlmanlar gərək məscidlərə cəm olub, fitr namazı qılalar. Evə gedib gördüm ki, on iki yaşında oğlum sevincək mənə xəbər verir: – Dədə! Sabah və o biri gün bizi dərsdən azad elədilər, çünki orucluq bayramıdır. Bunu da ərz edim ki, necə mən üzüqara yuxarıda bəyan etdiyim kimi dindarlıqdan uzaq düşmüşəm, oğlum da söz yox, oruc və namaz söhbətlərindən dəxi də kənar olubdur. Və əgər dünən oğluma məktəbdə orucluq bayramının müjdəsini verməsə idilər, yəqin ki, onun yadına bayram-zad düşməyəcəkdi; səbəb budur ki, eydi-fitr bayramını ancaq oruc tutanlar gözlər. Xülasə... * * * Sinnim bir az ağırlaşır. Və bu işləri belə görəndə öz-özümə deyirəm: bəlkə bu özü Allah məsləhətidir? Bir surətdə mən dini-mübini-islamdan uzaqlaşmağa üz qoymuşdum və o məsum balamı da özüm kimi “binamaz” tərbiyə etməkdə idim, – bəlkə bu özü elə Allah məsləhətidir ki, vaiz və şəriətmədar mollaların vəz və nəsihətindən uzaq olduğum üçün bu qəflətin yerini doldurmaqdan ötrü həftədə bir, ayda bir hökumət qərardadı bizi xəbərdar edir və bizi mütənəbbeh edir ki, ey qəflətdə olanlar! Ayılın və agah olun ki, filan ayın filan günü eydi-şərifi-fitrdir, filan günü İsmayıl qurbanıdır, filan günü rəqayibdir, filan günü imam Museyi-Kazimin rehlətidir, filan və filan... Və həmin qərardadı vəd edənlərə öz təşəkkürümü izhar qılıb, bundan da sonra bu arzuda olacağam ki, nə gözəl olardı ki, on iki imam və yüz iyirmi dörd min peyğəmbərin müqəddəs bayramlarını biz günahkar bəndələrə yadavərlik edə idilər və dəxi də gözəl olardı ki, yomiyyə namazının da beş vaxtını qərardad vasitəsilə idarələrə xəbər verə idilər ki, günorta vaxtları heç olmasa yarım saat müddətində müsəlman qulluqçuları azad ola idilər və zöhr namazını əda etməyə məşğul ola idilər, bu şərtlə ki, yarım saatın miqdarı onların maaşından çıxılmaya. Aman günüdür, bəlkə bu vasitə ilə qara üzümüzü müsəlmançılığa çöndərək və nicat tapaq!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 may 1925, №18 * * * İki faciə İran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar. Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun. O ki qaldı, ləqəb məsələsi – Ax, nainsaf qanun çıxardanlar! Mən bilmirəm nədir bu adam incitməklik, bu mərdümazarlıq. Məgər bu qərardadı çıxardıb, elan edəndə lazım deyil bunun dalısını – qabağını yoxlamaq ki, bunun nəticəsində nə qədər adam bədbəxt olacaq. Dərd budur ki, birisindən bir şey alanda lazımdırmı onun əvəzində o adama bir şey də əvəz vermək? Sən ki, bu ləqəbləri bu biçarələrdən alırsan, heç xəyal eyləyirmirsən ki, bunun müqabilində sən o şahzadə və xanlara və sultanlara nə verirsən? Heç zad! Çünki sən əgər bunların ləqəblərinin əvəzində dünyanın cəmi naz və nemətini yığıb verəsən, bu bəxti qaralara yenə əvəz ola bilməz. Səbəb budur ki, o şir-xürşidli papaqları zinətləndirən həmən ləqəblər idi. Yoxsa o ləqəbləri götürəndən sonra vallahi – billahi ki, o papaqların altında heç bir zərrə qədər bir şey yoxdur. Ax, aman Allah! Cırcırama “Molla Nəsrəddin”, 16 may 1925, №20 * * * Üsuli-tərbiyə Söhbət məktəb şagirdlərinə tənbeh etmək barəsindədir. Tənbeh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləyəsən. Çünki sən ona nəsihət edincə o da Krilovun “Dayının pişiyi” kimi bir ucdan əti yeyib, qurtaracaq. Hətta atalar da bunu deyiblər ki, Quran oxumağınan donquz darıdan çıxmaz. Müxtəsər ki, kötək lazımdır. Amma kötəyi də bir qayda ilə, bir üsul ilə istemal etmək lazımdır. Yoxsa Maştağa müəllimi kimi vurub uşağın gözünü çıxardandan sonra, söz yox ki, axırda peşmançılıq olacaq. Bu günlərdə aldığımız məlumata görə Maştağa müəllimlərinin biri on ikinci şura məktəbində ikinci sinifdə bir şagirdə hirsi tutub, yumruğunan vurub uşağın gözünü şişirdib, göndərib atasının üstünə. Atası da gedib İspolkoma şikayət edib. Allah rast salıb ki, İspolkom iltifat edib və işi ört-yat eləyib. Yoxsa belə səhvdən böyük xəta törəyə bilər. Əvvəla, şagirdi döyəndə gərək biləsən ki, necə döyəsən. Mümkündür üzünə şapalağ vurmaq, mümkündür qulaqlarından tutub elə çəkəsən ki, uşağın çığırtısı küçəyə gedib çata. Necə ki, Bakı məktəblərinin birində mən öz qulağımnan eşitdim. Bunun eybi yoxdur, çünki qulağa bir şey olmaz. Mümkündür şivəkə ilə uşağın kürəyinə, yainki ayaqlarına çırpasan (amma mən falaqqanın tərəfdarı deyiləm). Hələ bunu da rəva görürəm ki, başının tükündən yapışıb, qalxızasan yuxarı və o qədər saxlayasan ki, gözləri kəlləyə çıxa. Amma uşağın gözündən vurmaq üsulunu mən nəhy edirəm. Zira ki, ola bilə gözünə bir sədəmə toxuna. Gedə İspalkoma şikayətə və iş axırda böyüyə və içindən bir böyük həngamə törəyə. Şagirdləri döymək məsələsində mən gözdən vurmağın tərəfdarı ola bilmərəm. Bu, mənim rəyim. Özgələr də öz rəylərini söyləyə bilərlər. Cırcırama “Molla Nəsrəddin”, 23 may 1925-ci il, №21 * * * Qonaq[lıq] vermək Qəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər. Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm. Şübhə yoxdur ki, kəndistan işçiləri və məsul xidmətçiləri nə qədər kənd camaatını tez-tez yoxlasalar, yəni nə qədər onlar ilə tez-tez görüşüb əhvallarından xəbərdar olsalar o qədər də kəndlilər razı qalacaqlar. Onun üçün də belə münasibətdə olmağı da Şura hökuməti kənd qulluqçularından təkidən tələb edir. Və digər tərəfdən də nə dərəcədə xidmətçilər kəndliləri tez-tez yada salmaq istəsələr, o dərəcədə kəndlilərin məhəbbəti və etimadı onlara artıq olacaq. Və haman bir məsələ ki, mən onun barəsində danışmaq istəyirəm, – o da budur ki, aya bizim kənd xadimlərinin hamısı bunu bilirmi ki, kəndlərə tez-tez gedəndə onlar hara düşəcəklər və kimə qonaq olacaqlar? Bu məsələ zahirdə asan və kiçik bir məsələdirsə də, həqiqət bunun həlli hər dəfə necə ki, lazımdır mümkün olmur və görükmür. Bunu cavan işçilərimiz unutmasınlar gərək, atalar demiş kimi: “qonaq bir gün olar”. Və bunu unutmasınlar ki, onlar kəndlilərin qonağı deyillər, bəlkə kəndlilərin yoldaşları və “həmqəryəli”ləridirlər. Hər bir məsul işçi ki, onun kəndə tərəf yolu düşdü, onun gərək kənddə məxsusi evi ola ki, evin adı ümumi xidmətçi evidir. O evdə onun öz pulu ilə alınmış çörəyi və atının öz pulu ilə alınmış arpa və samanı ola gərək. Hər bir kənd qulluqçusu ki, bu üsulu bərk-bərk saxlamağı bacardı, – onu bilməli olsun ki, o, əhalinin rəğbətini əlbəttə və həmişəlik qazanıbdır və o kəslər ki, bu mühüm nöqtəni səhl sayıb gündə bir, iki gündə bir keçmiş çürük əsrlərdə Danabaş kəndinə cövlan edən çinovniklər kimi, başında on iki atlı ilə bu gün bu kəndə, o biri gün o kəndə çöküb özü yağlı-ballı bir xan evində əziz qonaq olub və on iki atlısı da kəndlilərin evlərinə, hər evə bir nəfər atlını at ilə qonaq verib, il uzunu, beləliklə, başını saxlamağı qənimət bildi, – həmin kəmtəcrübə işçilərimiz bu başdan unutmasınlar gərək ki, axırda onlar çəkdikləri zəhmətə baxmayaraq, gah hökumət yanında və gah kənd əhalisi yanında məyus və məsul olacaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 may 1925, №22 * * * Təmizlik May ayının 16-da hökumət tərəfindən şəhər hamamlarının təmizliyi barəsində sadir olan qərardadı oxuduq ki, on üç maddədən ibarətdir. Və lakin həmin qərardadı diqqətlə mülahizə edəndə məlum olur ki, burada ancaq əcnəbi millətlərin hamamları nəzərə alınır, nəinki müsəlmanların; çünki bu on üç maddədə bir kəlmə də olsun şəraiti-istehmam yaxud adabi-həna və nurədən bəhs olunmur. O ki qaldı, təmizlik söhbəti ki, burada müfəssəl danışılır, – bu da habelə əcnəbi və qəriblərə əlverişli söhbətlərdir. Zira ki, islam dünyasının müxtəs qanunları var ki, onları qeyri millətlərə isnad vermək cayiz deyil. Götür, məsələn, qüsl məsələsini ki, bu barədə qərardadlarda heç bir işarə yoxdur. Habelə hovuzlara gəldikdə yenə burada bizim müsəlman hamamları ilə qeyrilərin hamamlarında böyük fərq olmalıdır. Çünki onlara sən deyirsən ki, bir hovuza ki, bir nəfər ya on nəfər şəxs daxil oldu, dəxi oraya on birinci şəxsin daxil olmağı məsləhət deyil və halonki, şəriət sahibi burada, müəyyən mizan qərar verib ki, onun adı kürrdür və “Cameyi-Abbas”da və “Maarifəl-məcməin”də onun mənası təfsilən dərc olunubdur. Hər bir müsəlman qardaş o mənbələrə müraciət etsə, baxıb görəcək ki, bizim islam hamamlarının heç birisi mayın 16-da elan olunan qərardadın təhtinə daxil ola bilməz. Bu surətdə şəraiti-istehmam bütün islam aləmində elə bir mühüm məsələdir ki, bu barədə füzəla tamam giranbəha əmrlərini bu yolda qələm vurmaqla dərəceyi-ictihadə yetişiblər. Bu cəhətdən “Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi Bakıda yaşayan islam qardaşlara dəsturül-əməl olmaq üçün on üç fəqərə hamam şəraitini burada dərc edirik ki, yuxarıda zikr olunan hökumət qərardadı əvəzində bunlar da müsəlman hamamlarında istemal olunsun: Həzrət əmirəl-möminin fərmud ki, həmam nikuxanə ist ki, cəhənnəmra bəyad miyavərəd və çirkra əz bədən mibərəd. Əz həzrət imam Cəfər Sadiq mənquləst ki, hər ki, bifutə daxilihəmam şəvəd, u əz əzabi-cəhənnəm eymən nəşəvəd. Əz həzrət imam Rza mənquləst ki, vəqti ki, camə-hara əz xud mikuni və daxili həmam şəvi, beğu: “allahümmə inni əuzü bikə min şərri-nəfsi... ”. Mənquləst əz həzrət imam Cəfər Sadiq ki, həzrət əmirəl-mömünin mifərmud ki, mərd bapəsəri-xud bəhəmam nərəvəd ki, nəzər könəd bəövrəti-u. Əz həzrət imam Museyi-Kazım pürsidənd: əz Quran xandən dər həmam fərmud ii, baki nist. Həzrət İmam Rza fərmud ki, dər həmami-ümumi qüsl məkon ki, dəron qüsaleyi-yəhudi və nəsrani və kəbr cəmmişəvəd. Əz həzrət əmirəl-möminin mənquləst ki, bövl kərdən dər həmam murisi-fəqr və pərişanist. Əz həzrət Rəsul səlləllahü əleyhü vəssəlam mənquləst ki, növreyi-güzəştən ziri-bəğəl behtərəst əz təraşidən və dər hədisi-digər mənquləst ki, çün muyi-bəğəl bülənd mişəvəd, şeytan dər onca xanə mikünəd, Dər hədisi-mötəbər rəvayətəst ki, hər mərdi ki, iman bəxuda və ruzi-qiyamət darəd, bayəd əz nurə malidənü ruzü-çərşənbə ehtiraz künəd. 10, 11 və 13) Dər fəziləti-həna malidən bəd əz növrə. Hüseyin ibn Musa belə rəvayət edir ki: pədərəm Musi ibn Cəfər bir gün hamama gedib orada əvvəl tənvir edib, sonra bədəninə başdan-ayağa kimi həna qoydu və hamamdan küçəyə çıxanda ali-Zübeyir tayfasından bir şəxs həzrəti tanımadı, çünki sir-sifəti xoruz pipiyi kimi qırmızı idi; necə ki, dər hədisi-digər mənquləst ki, həzrət imam Məhəmmədtağı ruzi əz hamam birun aməd və əz sər ta pay mübarəkəş manəndi-güli-sürx şüdə bud əz həna. Ay gül bədəninə qurban olum, ya imam Məhəmmədtağı!!... Lağlağı “Molla Nəsrəddin”, 30 may 1925, №22 * * * Kəndlilərə yavıq Belə-belə sözləri qəzetlərdə çox yazanda mən qorxuram təzə həkimlərimiz bu sözləri öz üstlərinə götürələr. Çünki məlum şeydir ki, bu qədər xərc ki, cavanlarımızın ali təhsili yolunda qoyulur, kənd əhalisi də müntəzir ola bilər ki, darülfünundan ilbəil təhsilini tamam edən təbiblərimiz kəndli qardaşlarını yada salalar və bilələr ki, onlar ziyalı cavanların köməyinə çox möhtacdırlar. Amma mən bu barədə üzr istəyirəm və qəti surətdə deyirəm ki, novrəs təbiblərimizin kəndistana getməklərinin heç tərəfdarı deyiləm və bu iş də baş tutan iş deyil. Buna iki böyük səbəb var: Birinci səbəb təzə həkimlərimizin cavanlığıdır. Burada uzun danışmaq istəmirəm, ancaq bunu deyirəm: vallah, insafdan və mürvətdən çox uzaqdır ki, iyirmi-otuz yaşında, şəhərlərdə yaşamış bir cavana deyirsən “get otur skuçnı kəndin bir bucağında və orada kənd əhalisinin yolunda işlə”. Bu birinci səbəb və bu barədə çox danışıq heç lazım da deyil. Qaldı ikinci səbəb. Bu xüsusda bir qədər fikir edib, məsələnin hər bir tərəfini mülahizə etdikdən sonra bu söhbəti əbədi ortalıqdan götürmək lazımdır. Mənim sözüm budur ki, təbabət elmini təzə itmama yetirən və təcrübə görməmiş bizim cavan həkimlərimiz, hamısı birdir, kəndə getsələr də, orada görəcəkləri xəstəliklərin çoxunu təşxis edə bilməyəcəklər. Mən bilirəm ki, bunun qabağında sən mənə nə deyəcəksən; deyəcəksən: “xub, necə Bakıda, habelə qəzalarda da təcrübəli həkimlər də var, xəstəxanalar da var. Və cavan həkimlər ki, təcrübəni bəhanə edirlər, qəzalarda da bu təcrübəni ələ gətirə bilərlər”. Bunun da cavabında mən sənə deyirəm ki, “Yaxşısı budur söhbəti burada tamam edək, çünki çox danışan adama lağlağı deyərlər”. Burada istədim söhbəti tamam edəm, – bir şey yadıma düşdü: qəzalarda həkimlərin azlığı təzə iş deyil. Mənim yadımdadır ki, iyirmi il bundan qabaq Azərbaycan kəndlərini səyahət edən vaxt mən görərdim ki, kəndlilər həkimsiz, dərmansızdır. Məsələn, uşaqlıqdan gözümüzü açıb görmüşük ki, Azərbaycanın Ağdam və Qarabağ kimi böyük qəzasında ancaq üç nəfər həkim və tək bircə xəstəxana var, Cavanşir qəzasında tək bircə nəfər həkim var. Və hər kəs ki, məmləkətə yaxşıca bələddir, bilir ki, qeyri qəzalarda da hələ bundan əskikdir, nəinki artıqdır... Amma bunun nəticəsi o qədər də pis olmadı; ondan ötrü ki, kənd camaatı o vaxt ki, gördü bir yanda bir həkim və dərman yoxdur, labüd qalıb öz başının çarəsini qıldı. Məsələn, birisi ki, azarladı, çarəsiz qalıb dərdini qonşusu İmaməliyə dedi, o da atasından və babasından eşitdiyi müalicə yolunu göstərdi: Dəllək usta Cəfər xəstənin başının üstünü kəsib qan aldı, Gülsüm xala da şüvərən bişirdi gətirdi, Dostu nənə uşağın burnunu püflədi, Cahan bibi arvadın göbəyini saldı və beləliklə, əcəli yetməyən şəfa tapdı, əcəli yetən də bu namərd dünyanı tullayıb çıxdı getdi həmişəlik axirət evinə. Amma mənə qalsa, indi söylədiyim dava-dərmandan əfzəl axund molla Məhəmmədin və fazil şeyx Cəfərin bir nüsxə dualarıdır ki, salasan suya, verəsən naxoş içsin. Sözüm oradadır ki, istər şəhərdən darülfünun təbibləri kəndə getsin, istərsə getməsin, kəndlilər duanın bərəkətindən dava-dərmansız qalmayacaqlar və dünya belə gəlib, belə də gedəcəkdir. Lağlağı “Molla Nəsrəddin”, 13 iyun 1925, №24 * * * Qurban bayramı Necə ki mömin din qardaşlarıma məlumdur, üzümüzə gələn zilhəccə ayının onuncu günü Qurban bayramıdır ki, ərəb dilində ona “Eydi-Əzha” da deyilir. Bu bayramın əzəməti və şərafəti çox-çox böyükdür. Hətta inqilabdan qabaq Bakıda nəşr olunan “Azadixah” İslam ruznamələri və bizim ən məşhur əhli-elmlərimiz Qurban bayramının hörmətinə dair o qədər qələm çalardılar ki, məscidlərdə əmmaməli vaizlərimizə macal verməzdilər. Onun üçün mən özüm də onlardan ibrət götürüb “Eydi-Əzha” dairəsində bir kəlmə yazmaq istəyirəm. Bunu qabaqca deyirəm ki, bizim bu Qurban bayramı qeyri-İslam bayramlarının hamısından mənalı bir bayramdır. Məsələn: Birisi məndən soruşanda ki, rəğayib bayramı haradan qalıb və onun mənası nədir? Vallah bilmirəm ki, nə bayramdır. Ramazan – yəni nə olsun? Səhərdən axşama kimi ac qal, baş üstə qalım. Axır bunun kimi bir xeyri və şərri var? Amma Qurban bayramının yuxarıdakı bayramlara dəxli yoxdur. Çünki burada bir müəyyən tarix var, bir müəyyən yadigar var. Onun üçün də bu müqəddəs tarixin hörmətinə, o ali yadigarın şərəfinə mən də zülhəccənin onuncu günü bir yazlıq erkək qoyun kəsib, bir yanda şişlərə kabab düzürəm. Bir yanda şüyüt plovu dəmə qoyub keçən əyyamı yada salıram. Ax, keçən günlər!.. Ax, adına qurban olum, ya Xəlilüllah! Ya İbrahim! Yaxud Abraham, ya Əbülcümhur, yəni ey cümhur atası, yəni ey iki arvad sahibi!... Onun üçün də mən Qurban bayramı günü kababın birinci ləzzətli tikəsini ağzıma qoyan kimi Qurban duasını oxumağa başlayıram: “Əssəlam ələl ərvah ül – Cümhur üs Sarət ül – Hacər”. İkinci tikəni ağzıma qoyanda yadıma salıram keçən günləri və min-min həmd və sənalar edirəm həmən Misir Fironunun namına ki, zalım oğlu Saranı görən kimi onun hüsni-camalına elə aşıq oldu ki, yazıq qızı əmi oğlusu İbrahimin əlindən aldı. Bir qədər vaxtdan sonra Hacəri də üstünə qoyub, ikisini İbrahimə qaytardı ki, rəncidə xatır olmasın və olmadı (burada möcüz var). Həmən qurban ətini şüvüt plovu ilə yeyən vaxt Sara ilə Hacərin biri-biri ilə savaşıb, biri-birinin başına başmaq tayı çırpmaqları yadıma düşüb. Bu rəqabətin nəticəsi o oldu ki, başı bəlalı İbrahim Hacəri və oğlu İsmayılı Hicaza göndərməyə məcbur oldu. Hələ qurban ətini yeyib qurtarmamışam, doğruyub basmışam küpəyə, soğan, duz və sirkə tökmüşəm və bu basdırmanı yeyib-qurtarana kimi çox sözlər və mətləblər yadıma gəlir. Bəli, İbrahim Xəlil İsmayılı (bir rəvayətə görə İshaqı) qurban kəsmək istəyir. Yazıq uşaq ağlayır: Dədə! Məni öldürmə! Vallah, məndən heç bir günah baş verməyib. – Çox danışma, qırışmal... Çöldə dağdan və daşdan savayı bir kəs yox idi. Bir kəs yox idi ki, məzlum uşağı atasının əlindən qurtarsın. Bəli, Allahın uşağa yazığı gəldi və bir qoç göndərdi ki, İbrahim oğlunu buraxsın və qoçu kəssin. * * * İndi bu söhbətlərdən iki-üç min il keçir. İndi mən səndən soruşuram ki, bir vicdanına and içib, de görüm o vədəki nadanlıq əsri ilə indiki əsrin bir fərqi var yay yox? Amma sən məndən soruşursan, mən deyirəm ki, bəli, fərqi var. Budur ki, indiki insanların vəhşiliyi. İbrahim Xəlil əsrinə nisbətən bir para yerlərdə bir qədər tərəqqi edib, bir para yerlərdə də bir qədər tənəzzül edib. Amma fərqi çox azcadır. Dəli “Molla Nəsrəddin”, 13 iyun 1925-ci il, №24 * * * “Əncüməni-xeyriyyə” Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan. * * * Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır. “Əncüməni-Xeyriyyəyi-iraniyana” gəldikdə, bunu zaiqəyə tapşırmaq lazımdır ki, aya əslindən bu əncüməni-xeyriyyədə xeyirli işlər baş verib ya şərli işlər. Əlbəttə ki, hər bir insaf və vicdan əhli bunu görəcək və biləcək və eşidəcək ki, İran iqlimi yaranandan bu günə kimi dünyada bircə dənə də “Əncüməni-Xeyriyyə” dünyaya gəlməyib ki, o əncüməndən bir kəsə bir xeyir toxunmamış olsun. Çünki məqsəd o deyil ki, maarif ya mədrəsəyə xeyir toxunsun. Məqsəd odur ki, hər kəsə toxunsa, toxunsun. Ancaq bunun içindən xeyir baş versin, nəinki şər. Allah özü şahiddir. Yəni həmən Allah ki, dünya yaranandan indiyə kimi onu heç kəs görə bilməyib. Həmən Allah özü şahiddir ki, bu əncüməni-xeyriyyələrdən dünyada heç bir kəsə bir zərrə qədər zərər toxunmayıb. Əgər sən mədrəsə və maarif sözü danışsan, onda mən sənə iki cavab verərəm. Birinci cavab budur ki, sən özün də Allaha şükür görürsən ki, maarif də indiyə kimi öz yolu ilə gedib və uşaqlar da gəlib mədrəsədə azdan-çoxdan və Allah yetirəndən dərs alıb, gediblər və bunun şükrü bizə vacib və yenə vacibdir. İkinci cavab da budur ki; Bəradərim! Sən bu beş günlük dünyada nə qədər istəyirsən elm təhsil elə! Vallah-billah öləcəksən, öləcəksən! Qardaş! Vallah dünyanın axırı yoxdur. İstəyir oxu, nə qədər oxuyursan, oxu! Bir mənə de, görüm, yəni oxuyub Şeyx Qəni axunddan ya Edisondan artıq olacaqsan? Vallah, sən də, mən də öləcəyəm. Cəmi yaranmış da ölüb, gedəcək. Kimi cənnətə, kimi də cəhənnəmə. Vəssalam. Söhbətimi tamam etməmiş mənə izn ver “Əncüməni-Xeyriyyə”nin həmən ülüvvüləzm təhvildarlarına öz səmimi ixlasımı təqdim edim ki, bu neçə ilin müddətində çəkdikləri məşəqqətin nəticəsidir ki, əncüməni-xeyriyyə işləri bu dərəcədə rövnəq tapıb ki, ibarət olsunlar ağayi Əmidüt-tüccardan... Cırcarama “Molla Nəsrəddin”, 20 iyun 1925-ci il, №25 * * * Tulanbar eşşəyi, məxmər palan Kəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var. Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır. – Ağırlığı nə qədərdir? – Səkkiz put olmaz. – Eybi-zadı yoxdur ki? – İki qıçı şildir. İki barmaqları kəsilib, bir gözü kordur. Kəblə Nəsir deyir ki: – Pulu-zadı vardırmı? – Bəli, pulu çoxdur. Sonra Kəblə Nəsir deyir ki: – Qızın yaşı neçədir? – 14 yaşı tamam olmayıbdır. – Dərsi vardırmı? – Bəli vardır. Səkkizinci şura məktəbində oxuyur. Kəblə Nəsir yenə danışa-danışa dəliliyi tutub dedi ki, tulanbar eşşəyi, məxmər palan. Bu sözdə yenə uşaqlar töküldü dalısınca. Doğrudan da ki, “dəli”. Heç bilmirsən ki, bu nə sözdür? Dəli “Molla Nəsrəddin”, 20 iyun 1925, №25 * * * Müsəlla Necə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu. Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir? Belə-belə məntiqli sual-cavaba girişəndə də baxıb görəcəksən ki, zalım oğlundan nə hə, nə yox – bir səda gəlmədi; guya ki, bu haman Allah dediyin heç yerindən yox imiş. Xülasə sözü çox uzatmayaq. * * * Bəli, belə bir quraqlığı gördükdə, Cavanşir islamları deyirlər: xub, əlac bircə müsəllaya qalıbdır. Amma rica edirəm mənə icazə verəsiniz buradan bir haşiyə çıxam: Bax, o heyvan heyvanlığı ilə, əgər onu sən tək bircə dəfə aldatsan, ikinci dəfə dəxi sən onu aldada bilməyəcəksən. Məsələn, mən keçənlərdə evdə ulağ saxlardım və oduna gedəndə baş yuxarı minərdim. Qayıdanda odun yüklərdim. Həmişə xəlbiri əlimdə görəndə, yanıma gələrdi; çünki bilirdi ki, arpa verəcəyəm. Bir gün istədim aldadım: boş xəlbiri əlimə aldım, heyvan gəldi və gördü ki, arpa yoxdur, boş xəlbiri qoxladı və qayıtdı. Dəxi ikinci dəfə əlimdə xəlbiri görəndə eşşək uzaqdan durdu baxmağa və yavığa gəlmədi, bildi ki, xəlbirdə arpa yoxdur. Bəli, keçək söhbətə. * * * Bəli, Cavanşir müsəlmanları çıxırlar müsəllaya ki, xudayi-layəmut onlara yağış göndərsin. Bəli, elə ki, müsəllanın mərasimi tamam olur, camaat görür ki, havanı qara bulud aldı. Bir yandan da göy başlayır guruldamağa, ildırım başlayır çaxmağa. Və camaat hələ səhradan şəhərə qayıtmamış elə şiddətli dolu yağır ki, balaca uşaqlar az qalır ki, yumurta yekəlikdə dolu dənələrinin altında həlak olsunlar. Və nə qədər ki, zəmilərdə ayaq üstə saralmış taxıl sünbülləri də var idi, onların hamısını şoqərib dolu əzib torpağa qarışdırır. Bu məqaləni yazmaqdan murad odur ki, Allahın heyvanı heyvanlığı ilə başa düşdü ki, mən onu aldadıram. Amma Tərtər axundlarının vədə verdiyi yağış əvəzinə hər gün bir elə nagəhan dolu yağa, yenə Tərtər şiələri başlarının noxtasının ucunu axundların əlindən dartıb almayacaqlar. Lağlağı “Molla Nəsrəddin”, 27 iyun 1925, №26 * * * Peyğəmbərlik, ya ki kişmiş davası Mən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi. Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim. Axır, doğrudan, yəni necə mollalıq? Molla – yəni nə? Başdan-ayağa danışdıqları yalan, başdan-ayağa tutduqları iş qələt və başdan-ayağa moizələri insana: nə bilim, kişmiş belə gəldi, şərab belə getdi. Ta o yerə kimi biçarə islam ümmətinin tamam nisfini kişmişə həsrət qoyublar (Allah sizin evinizi yıxsın!). * * * Dünən bir məclisdə yapışdım mollaların birisinin yaxasından. – Bəsdir, həya edin! Bu biçarə Allahın heyvanlarına bir rəhminiz gəlsin, xalqı tovlamaqdan yorulun və usanın! Dünya və aləm üstümüzə gülür, qonşu millətlər məhərrəmlik oyunbazlığımızı kartinalara salıb dünyanın pulunu yığırlar, yer üzündə xəcalətimizdən yerə girməli olmuşuq. Amma burada axund mənə bir özgə cür cavab verdi. Və bu cavabı mən sonra öz-özlüyümdə çox düşündüm və çox fikirlərə getdim və xəyalımı tarix aləminə çöndərib bəzi mətləbi düşünməyə başladım. Mollanın cavabı çox qəribədir. Gör mənə nə dedi: – Axund Molla Nəsrəddin, siz, doğrudur, biz mollaları töhmətləndirirsiniz, amma fərmayişinizi necə ki, lazımdır zaiqəyə tapşırmırsınız. Zira əgər doğrudan batil yola düşmüşük və avamı da batil yola sövq edirik və qəflət vadisinə çəkirik, biz bu sənəti özümüz ixtira eləməmişik; bunu peyğəmbərlərdən və imamlardan öyrənmişik. Bizim bu yalançı mollalığımız əsil peyğəmbər və imam peşəsidir; bu dediyimiz sözlər həmin peyğəmbərlərin öz sözüdür. Əgər biz moizə etdiyimiz cənnət və cəhənnəm, dünya və axirət söhbətləri puç bir əfsanə və müzəxrəfatdır, biz bu müzəxrəfatı yenə həmin peyğəmbərlərdən öyrənmişik. Əgər peyğəmbərlər danışdıqları söz haqq və həqiqət olsa idi, o vədə cəmi peyğəmbərlər həmin haqq sözün üstə cəm olardılar və dəxi yüz yetmiş iki din və ayin yaratmazdılar və peyğəmbərlərdən sonra da gələn imam və müctəhidlər bir-birilə səltənət üstə qovğa edib boğuşublar; biz mollalar qələt eləmişik o dərəcəyə çataq. Xülaseyi-kəlam, ey axund Molla Nəsrəddin, izn ver belə bir məsəl çəkim: ya Bəni-Üməyyə ilə Bəni-Abbas tayfalarının padşahlıq üstə yüz illər ilə bir-birini vəhşiyanə qırıb məhv eləməyini gör, – ya biz mollaların bir-birinə olan ədavət və rəqabətini gör. Və nə vaxt eşitdin ki, Nəcəf, ya Kərbəla müctəhidləri bir yerə cəm olub və ittifaq qurub, hamısı bir-birinə inanıb bir məsciddə namaz qılırlar (və dəxi boğuşmurlar), o vədə elə hesab elə ki, tək bircə biz mollalar günahkarıq. Yox, yox, vallah yox, billah yox! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 iyul 1925, №27 * * * Ədəbli təziyə Məhərrəmlikdə çığır-bağır salan və başlarını yaran bambululardan mənim xoşum gəlmir. Çünki onlar savadsız və nadandırlar. Mənim xoşum elmli və ədəbli intelligentlərdən gəlir. Çünki bunlar məhərrəmlikdə başlarını yarmayırlar. Çünki bunlar oxumuş adamlardırlar. Ancaq bunlar bir yüngülvarı yas saxlayırlar. Çox ədəbli və üslublu təziyədarlıq edirlər. Doğrudan da nə vəhşilik, baş yarmaq və nə cana qıfıl keçirmək, bunların heç birinə nə Allah razıdır, nə imam. Bir bax, gör oxumuşlarımızı! Bəs, onlar niyə başlarını yarmırlar? Maşallah onlara! Gör necə ədəbli və üstublu rəftar edirlər. Onlar heç nə şaxsey gedir, nə ağ köynək olur. Çünki onların bəzisi darülfünunda tərbiyə tapıb, çoxları da qeri-mədrəsələrdə elm təhsil ediblər. Bunu qanıblar ki, imama qurban olum, imamı istəmək ondan ibarət deyil ki, güneyli bambuluları kimi atılıb düşəsən və rus, erməni, yəhudi qonşuları üstünə güldürəsən. Bir bax, oxumuşlarımıza və onlardan ibrət götür. Gör necə qəmgin və təmkinli düşüblər dəstə qabağına və dəsmallarını gözlərinə basıb, ürəkdən ağlamasalar da, gör necə özlərini ağlayana oxşadırlar. Hələ sən bunu deyirsən, mən öz gözüm ilə görmüşəm ki, həkimlərimizdən bir əlində dava-dərman baş yaranların yanınca gedirlər ki, çox bərk şəhid olan keçəl-küçəllərin, toyuq oğrularının yarasına məlhəm bağlasınlar. Xeyir, xeyir, nəüzü billah! Baş yarmaq və zəncir vurmaq vəhşiliyinə biz oxumuşlar şərik deyilik. Hətta Bakıda on-on beş il bundan qabaq qaziləriimiz də deyirdilər ki; Baş yarmaq heç yanda buyurulmayıbdır. O vədə qəzetlərimizdə yazırdılar ki, baş yarmağın vərəqəsini bükmək lazımdır. Ancaq məscidlərə cəm olub, şəbeh dəstgahı düzəltmənin eybi yoxdur. Xülasə, təziyəni məsciddə saxlamaq lazımdır. Onun üçün də indi bizim intiligentlərimizin çoxusu doğrudur, baş yarmağın tərəfdarı deyillər. Amma növhə məclislərimizdə həmişə yuxarı başda əyləşib, həmişə sinəzən oxunan vaxt bunlar da ədəbli və üslublu qalxızıb, sinə vurublar ki, avam camaatın nəzərində nüfuzdan düşməsinlər. * * * Xülasəyi-kəlam, mən baş yaran və zəncir vuran lotu-potulara şərik deyiləm. Bu vəhşiliyin çoxdan vaxtı keçibdir. Ancaq mən mərhəba deyirəm həmən oxumuşlarımıza ki, məhərrəm ül-haram günlərində məzlum Kərbəla təziyəsində həmişə mömin və müqəddəs hacı və kərbəlayılar ilə həmcəlis olub, imamın yolunda göz yaşını (soobşa) axıdıblar. Dəli “Molla Nəsrəddin”, 4 iyul 1925-ci il, №27 * * * Aşura oğruları İki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar. Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir. Bizim üçün bu işlərin o qədər də əhəmiyyəti yoxdur: Bakı kimi böyük şəhərdə bir gündə yaraşar ki, on yeddi və bəlkə iyirmi yerdə oğurluq ittifaq düşsün. Sözümüz orada deyil: sözümüz oradadır ki, aya, bu oğurluqlar nə səbəbə köhnə illərin aşurasında baş vermirdi və nə səbəbə bu keçən ilin və altdakı ilin aşurasında baş verdi? Səbəb budur ki, keçən il və altdakı il dəstə tutmaq və baş yarmaq qadağan oldu. Pəh, heç bunun dəxli var? Doğrudan da, bu bir qəribə sözdü: bundan çıxan budur ki, baş yarmaq qadağan olmayan əsrdə aşura günü oğurluq-əyrilik üz vermirdi və bundan belə anlaşılır ki, baş yarmaq qadağan olan ili aşura günü hər məhəllədə oğurluq ittifaq düşdü. Demək, baş çapmaq oğurluğun qabağını alırmış. Bizim “Molla Nəsrəddin” dünyasına heç təfavüt eləmir, kim baş çapdı və kim baş çapmadı. Bu məsələnin əhəmiyyəti o yerdədir ki, aya, səbəb nədir ki, baş yarılan günü oğurluq olmur, amma bu vəhşiliklər qadağan olanda olur? Bu məsələ məni çoxdan məşğul eləməkdə idi və bunun sirrini heç kəs mənə bəyan eləyə bilmirdi, ta ki, bu günlər küçə ilə getdikdə tanış bir milis məmuruna rast gəldim və söhbət aşuradan düşdü, haman yuxarıda söylədiyim məsələni milis məmuruna açdım və aşura gününün oğurluq və əyriliklə rabitəsini ondan soruşdum. Milis məmuru mənə belə dedi: – Cənab Molla əmi! Allah Şura hökumətinə insaf versin ki, aşura qətlgahını qadağan eləməklə biz milis məmurlarını əngələ qoydu. Çünki nə qədər ki, baş yarmaq azad idi, cəmi lotu-potular aşura günü baş yarmağa məşğul idi; amma keçən il onlar hamısı evləri sahibsiz görüb və fürsəti qənimət bilib, hərəsi özünü bir evə oğurluğa verdi. Məsələn, keçən il Məşədi Orucun xalçasını oğurlayan məşhur dəstəbaşı və məşhur toyuq oğrusu əcəm Rəcəb Alı idi. Qaynar samavarı oğurlayan məşhur baş yaran və məşhur qoçu Gülhüseyn idi. Mücavirin başmaqlarını aşura günü oğurlayan məşhur dəstəbaşı, qolçomaq və baş yaran, daş çıxardan kor Novruzəli idi. Fatma xalanın corablarını aşura günü oğurlayan məşhur dəstəbaşı və ağ köynək və ağ şalvar Məhəmmədəli idi. Xülasə, Allah Şura hökumətinə insaf versin. Onun üçün də müsəlman camaatı istəyir hökumətə ərzhal versin ki, bu ildən yenə baş çapmağa icazə verilsin, bəlkə culik-muliklər və lotu-potular baş yarmağa məşğul olub, sahibsiz qalan evlərə oğurluğa getməsinlər. İdarə tərəfindən biz də imza etməyə hazır varıq. Lağlağı “Molla Nəsrəddin”, 11 iyul 1925, №28 * * * Binamazlıq Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar. Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar. Hətta İbn Abbasdan rəvayətdir ki, duzəxdə bir ilan var ki, onun uzunluğu altmış illik səfərin uzunluğundadır. Amma söz burasındadır ki, o ilanın ağzı indiyədək möhürlənib açılmayıb. Və bu möhür məhz o vədə qırılacaq və ilanın ağzı məhz o vədə açılacaq ki, duzəxə bir nəfər binamazın yolu düşə; o vədə vay olsun haman binamazın halına; dəxi o vədə peşimançılıq bir fayda verməz. Və həzrət Rəsuldan rəvayətdir ki, “binamaza salam verməyin, onun salamını almayın, naxoş olanda onun iyadətinə getməyin, öləndə ona namaz qılmayın və müsəlman qəbristanında dəxi onu dəfn etməyiniz”. Və yenə o həzrətdən rəvayətdir ki, bir gün bəradərim Cəbrayıl gəldi mənim yanıma və ədayi-vəhyi hənuz tamam eləməmişdi ki, bir bərk gurultu gəldi. Qabaqca elə bildik ki, top atıldı və Cəbrayılın rəngi qaçdı, zəfərana döndü. Mən ondan soruşdum ki, “bəradərim, bu nə səs idi və sənin rəngi-ruyin niyə belə təğyir tapdı?”. Cavab verdi ki, “həqqi-taala yeddinci duzəxdə bir quyu xəlq edib, o quyuya bir daş salıblar ki, on üç min ildir ki, hələ o daş gedib suya çatmamışdı, məhz indi gedib çatdı”. Cəbrayıldan soruşdum ki, “o dərinlikdə quyu kimdən ötrü xəlq olunub və orada yaşayanlar kimlərdir?” Cəbrayıl cavab verdi ki, “o quyunun tərkində yaşayan millətlər binamazdırlar”. * * * Və yenə imam Museyi-Kazimdən rəvayətdir ki, “bədürüsti ki, mənim şəfaətim çatmaz o kəslərə ki, öz namazlarını əda etməkdə səhlənkarlıq göstərirlər”. Yenə həzrət Rəsul bir yerdə belə buyurubdur ki, “dünyada hər bir şeyin üzü var və islam dininin üzü namazdır, bəs namazı öz vaxtında əda ediniz ki, gözəl dininizin üzü zişt və qəbih olmasın” (Ax, belə gözəl dinə fəda olum). Dəli “Molla Nəsrəddin”, 18 iyul 1925, №29 * * * Şükür eləməlidir Mənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi. Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi: Lazımdır şükür eləmək. Biz bunun mənasını soruşduqda, dayım belə cavab verərdi ki, hər bir bədbəxtlik özü xoşbəxtlikdir. Çünki bundan da artıq bədbəxtlik ola bilər. İndi bəzi şəhərlərdə və kəndlərdə poçta idarələrinin kəmsəliqəliyindən və səhlənkarlığından birisi şikayətə başlayanda, mən həmişə dayımın nəsihətini yadıma salıb, öz-özümə deyirəm: Allaha şükür! Çünki bundan da pis ola bilər. Dünən birisi şikayət eləyirdi ki, Şuşa qalasından Bakıya bir məktub doqquz günə gəlib çıxır. Mən bunu eşitcək dedim: Allaha şükür! Birisi giley eləyirdi ki, Ağcabədi və Hind arxı kimi böyük qəsəbələrdə poçta və teleqraf idarəsi yoxdur. Mən bunun qabağında yenə dedim: Şükür olsun Allahın kərəminə! Axırda şikayət eləyən şəxs üzünü mənə tərəf çöndərib, dik-dik üzümə baxdı və dedi: Qardaşoğlu! Sən deyəsən sözlü adama oxşayırsan? Dedim: Bəli. Dedi: Mən ölüm, ürəyinin dərdini aç. De görüm sözün nədir? Mən belə başladım: Dedim: Əmi can! Mən səni hərçənd tanımıram, amma, deyəsən, Qarabağ kəndlisinə oxşayırsan. Onun üçün dünyadan xəbərin yoxdur. Di qulaq as! Sən deyirsən və giley eləyirsən ki, sizin Ağcabədi kəndinə teleqraf çəkilməyib. Amma, doğrudan da, görürəm ki, sənin dünyadan xəbərin yoxdur. Əgər heç olmasa, bizim Bakı şəhərini görmüş olsaydın, onda Allaha şükür eylərdin. Burada aşnam, Qarabağ kəndlisi yenə təəccüb ilə üzümə baxıb, dedi: – Necə? Məgər? Dedim: Bakıda da teleqraf yoxdu. Dedi: Zarafat eləyirsən. Dedim: Sən öləsən zarafat eləmirəm. Çünki doğrudur. Zinoyev küçəsində bir teleqrafxana var. Əgər bəxtin kəsdi günortaya kimi özünü yetirdin, yetirdin teleqrafını qəbul eləyəcəklər. Əgər günortadan iki saat keçmiş getsən, dəxi teleqrafxananı bağlı görəcəksən. Yenə gördüm aşnam təəccüblə üzümə baxır və inanmaq istəmir. Yenə mən and-aman ilə onu inandırdım. Bu bizim Bakının teleqrafxanası. O ki qaldı, poçtxanamız, onun da mərkəzi dərya kənarında düşüb ki, oraya tramvay yolu yoxdur. Əgər yuxarı məhəllədə sakin olan əhalinin işi mərkəzi poçtxanaya düşsə, gərək ya bir at kirayə eləyə, ya da dörd atlı bir faytona minə və öz yanına pendir-çörək götürə ki, yolda acanda məəttəl qalmaya. Xülasə, bizim Bakının teleqraf və poçta (posta) işlərini Allah bədnəzərdən saxlasın! Cırcırama “Molla Nəsrəddin”, 5 sentyabr 1925-ci il, №36 * * * Bakıdan Qarabağa. Naxçıvan malı Bir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı. Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi: – Şirvan malıdı ha! Qız bu sözləri eşidəndə çöndü vaqonun içinə və gördüm öz-özünə cavanlardan giley eyləyir. Mən dedim: Eybi yoxdur və cibimdən bir konfet çıxardıb uzatdım qıza tərəf ki, bu söhbət yaddan çıxsın. Qız konfeti aldı, verdi uşaqların birinə. Maşın hərəkət elədi və bir-iki saatdan sonra Yevlax stansiyasına yetişdik. Burada naçalnik şeylərimizi götürdü, gətirdi vağzalın həyət səkisinə. Burada çox camaat var idi. Kimi fayton danışırdı, kimi avtomobil danışırdı ki, minib getsin Ağdama, Nuxaya, Ağdaşa. Biz Ağdama gedəsi idik. Bir faytonçu on dəfə həzrət Abbasa and içəndən sonra və on yeddi dəfə öz atasının gorunu pis sözlər ilə söyəndən sonra bizi Ağdama aparmağa bir qədər pula razı oldu. Burada yenə bir neçə bikar bığıburma müsəlman cavanı durmuşdu və yoldan gələn xanımlara tamarzı-tamarzı baxırdılar. Biz əyləşdik faytona və faytonçu da quzluya qalxdı. Hazırlaşırdı atları sürsün. Burada duran bığıburmalardan biri bizim qıza tərəf baxıb, ucadan dedi: Bəh-bəh! Lənkəran malıdı ha!.. * * * Fayton hərəkət elədi və günorta vaxtı havanın bərk istisində çatdıq səfərin bir guşəsi hesab olunan Bərdə qəsəbəsinə. Düşdük karayın mehmanxanasına. Bəli, xeyli hörmət, yaxşı, səliqəli mənzil, çölə və həyətə tərəf artırması, təmiz və səliqəli stol-kürsüləri. Pakizə çayı və bişmişləri. Həyət tərəf artırmaya fərş saldılar və uşaqlar gedib, orada əyləşdilər ki, çaydan sonra bir qədər istirahət eləsinlər. Bu heyndə bir nəfər özü kimi cavan yoldaşı ilə gəlib, əyləşdilər bizim qızın rubərusunda. Mən dedim: – Eybi yoxdur. Kürdəmirdə bizim qızı Şirvan malı hesab elədilər. Yevlaxda Lənkaran malı adlandırdılar. İndi bunlar görək qıza nə ad qoyacaqlar. Yavaşca qulağımı cavanlara verdim. Gördüm ki, bunlar biri-birinə deyir: Bəh-bəh! Deyəsən, Astara malıdı ha... Mən üzümü cavanlara tutub dedim: Əzizlərim! Sizin də səhviniz var. Kürdəmir və Yevlax həmdərdlərinizin də səhvi var. Çünki bu xanımı ki, burada görürsünüz, bu Naxçıvan malıdı. Mən bu sözü deyəndən sonra, cavanlar dik-dik üzümə baxıb, bilmədilər nə cavab versinlər. “Naxçıvan malı” “Molla Nəsrəddin”, 5 sentyabr 1925-ci il, №36 * * * Xəbərdarlıq Bu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur. Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar. Bu küçədə bir böyük yanmış evin xarabası var. Evin sahibi bir nəfər Tarayev imiş ki, mən onu nə qabaqlarda tanıyırdım, nə indi tanıyıram və tanımağa da nə vaxtım var, nə də həvəsim var. Amma bu Tarayevin başına nə iş gəlibsə, nə iş gəlməyibsə, ancaq onun böyük bəxti var imiş. Səbəb odur ki, bu kişi durduğu yerdə müftə-müftəcə elə bir şöhrət tapdı ki, çox-çox böyük adamlar milyonlarca xərc qoysa idi belə şöhrəti qazana bilməzdi. Əhvalat belədir ki, həmin Tarayevin evi böyük zibil anbarı olubdur. Çünki o məhəllədə hər bir kəsin ki, zibili var, gərək gətirə Tarayevin evinin xarabasına tökə. Bu barədə qəzetələrdə neçə dəfə də yazıldı və “Molla Nəsrəddin”də neçə-neçə dəfə nahaqq yerə yazdı. Sözüm orasındadır ki, həmin küçə bir zərbülməsəl olubdur: Hər kəsin ki, əlində bir zibil torbası var, bilir ki, hara töksün və hər bir kəsdən soruşduqda ki, bunu hara töküm? Hamı bu küçəni nişan verir. İndi mən də buna təəccüb edirəm ki, doğrudan əgər Komunxoz idarəsi Tarayevin küçəsinə bir ad axtarırdı. Qoysun, yaxşı deyilmidi ki, prosto zibil küçəsi qoyaydı. Dəxi Çeçerin yoldaşın adını niyə qoyurdu? İndi mənim əlacım kəsilib, Bakının Komunxoz idarəsinə xəbər verirəm və bir həftə də möhlət verirəm ki, əgər bundan sonra yenə zibilçilər oranı zibilxana halında saxlayırlar. Onda mən də yoldaş Çeçerinə bu əhvalatı xəbər verəcəyəm. Dəxi onda heç kəs məndən inciməsin. Bax! Zarafat eləmirəm ha! Cırcırama “Molla Nəsrəddin”, 12 sentyabr 1925-ci il, №37 * * * Unudulmuş elmlər Rusiyanın Elmi Akademiyasının iki yüz illik yubileyi münasibətilə Bəli, sentyabrın 6-da Akademiyanı təbrik edənlərin cümləsində bir də professor Makovelski idi. Natiq çox gözəl danışdı. Qulaq verənlər valeh və heyran qalmışdılar. Biz, “Molla Nəsrəddin” idarəsi üzvləri, çünki bir az dünya elmlərinin tərəfdarıyıq (bir dərəcəyə kimi) və bu səbəbdən yubileyi saxlanan Akademiyanı da bir az təbrik və professor Makovelskinin nitqini də bir az təqdir edirik və bununla bərabər, çünki məcmuəmiz tənqid məcmuəsi və özümüz də yetənə və yetməyənə sataşanıq, bu babətdən professor Makovelskinin bəyanatında gördüyümüz və anladığımız nöqsanlardan vaz keçə bilməyəcəyik və haman nöqsanları bir-bir göstərmək bizim birinci vəzifəmizdir. Bəli, sentyabrın altısında professor Makovelski belə deyirmiş: “Akademiyanın planını tökmək üçün iki yüz il bundan qabaq böyük Pyotr Almaniyadan məşhur filosof Leybnitsi gətirtdi”. Biz elə bilirik ki, bu sözlər yarımçıqdır. Onun üçün ki, İranın neçə dəfələrlə çapdan çıxmış növ-növ mədəniyyət tarixinin on yeddinci təbinin doqquzuncu cildinin beşinci səhifəsində, İranın fünun və ülum tarixinin mütəxəssislərindən rəvayət olunan sətirlərdə haman Rusiya Akademiyasının planını tökmək üçün, Pyotr-kəbir tərəfindən dəvət olunan alimlərin biri də haman əsrdə Tehranın İmam Cüməsi idi. Bəs, professor Makovelski bu həqiqəti nə səbəbə gizlədir? (paxıllıq ucundan). Bəli, haman professor Makovelski irad etdiyi sözlərin biri də budur ki, məzkur filosof Leybnits tökdüyü planın məzmununun bir maddəsi də bu imiş ki, Peterburq Akademiyası nəinki Rusiyanın və Avropanın, bəlkə yer üzünün bütün alim və mütəfəkkirlərini birləşdirə imiş. İndiyə kimi professor Makovelski dediyi sözlərin yenə hələ yeri var idi. Bu birləşdirmək söhbətini biz nə qədər çalışdıqsa, başa düşə bilmədik. Demək, Leybnitsin məqsədi bu imiş ki, məsələn, binamaz Edisson ilə Fazili-Dərbəndi kimi bir müctəhidi birləşdirsin; yainki Avropanın dinsiz və məzhəbsiz təbib və injenerlərini İran məmləkətinin və Nəcəfül-Əşrəfin fazilləri ilə birləşdirsin. Bir də professor Makoleveski fəxr edir ki, Rusiya Akademiyasının üzvlərinin biri də məşhur Darvin imiş. Maşallah, maşallah belə professorlar! Gör kimə iftixar edir: Haman Darvini deyir ki, bəni-növi-bəşərin abavü əcdadını aparıb çıxardır kimə? Kimə? Adəmə? – Xeyr. – Onun zövceyi-tahirəsi Həvvaya? – Xeyr. – Bəs, kimə? – Meymuna! Mərhəbalar belə alimə!.. Dəli “Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37 * * * Piyanskalığın dərmanı Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər. Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər. Keçən yaz fəsli darülfünun professorlarının biri – ki, bədməstliyə mübtəla idi – hökumətdən bir qədər müalicə xərci istədi və eşitdiyimizə görə yüz iyirmi beş manat da xəzinədən aldı ki, özünə müalicə etsin. O qədər ki, professor cənabları içirdi, dəxi yoldan keçəndə cavan tələbələr ona baxıb gülürdülər və hoydu-hoyduya götürürdülər. Bir övqat dedilər ki, piyan professor dəxi ayılıb, keflənmir və hamı dostlar şad oldular və çox piyanskalar bu arzuda oldular ki, onlar da özlərinə müalicə edələr. Və çoxları da təəccüb etməkdə idi ki, aya, görəsən, o dərmanın adı nədir ki, professor cənablarını bədməstlikdən çıxartdı və nə qədər professor cənablarından soruşdular demirdi. Axırda iş öz-özünə açıldı. Bir gün gördülər ki, kefli professor yenə küçə ilə büdrəyə-büdrəyə gedir; baxıb gördülər ki, yenə keflidir. Bunlar hamısı öz qaydası ilə və bunlar hamısı keçib gedər. Ancaq biz bilmirik ki, o yüz iyirmi beş manat xəzinə pulunun, bəs, günahı nə imiş? Dəli “Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37 * * * Şəhərə doğru Məlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır. Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun. Sözü çox uzatmaq istəmirəm və sözüm də heç çox deyil; ancaq mənim qabağımda duran iki məsələdir. Birinci məsələ budur ki, aya indidən nə tədbir tökmək ki, mənim köhnə dostlarım şəhərə doğru gələndə və Bakı kimi bir böyük şəhərin küçələrində gəzəndə idarələrin və ticarətxanaların lövhələrinin yazılarından hürkməsinlər. Bax, qoy mən sənə sözün açığını deyim. Tutaq, heç avam kəndli deyil, bax, məsələn, sən özün, Allaha şükür, çox elmli və savadlı şəhərlisən. Gəl mən yapışım sənin əlindən, gedək Bakının küçələrini gəzə-gəzə lövhələri oxuyaq. Əgər sən bu lövhələrin üçünü dalbadal oxuya bildin ki, özün də qandın və məni də qandırdın, onda mən sənə afərin deyərəm. Daha niyə uzaq gedək. Lövhənin biri türkcə ərəb hərfləri ilə yazılıb; amma oxuyursan bilmirsən nədir. Axırda hıqqana-hıqqana höccələyib görürsən ki, yazılıb: Mediksantrud. Demək, ixtisar olunmuş on iki rus kəlmələrinin baş hərflərini götürüb başıdaşlı Qüreyş tayfasının nəstəliq xətti ilə, islamca bisavad erməni, yəhudi, türk nəqqaşının qələmi ilə bir belə ilan-qurbağa şəkli çəkilibdir. Bir qeyri lövhəni götürək. Burada yenə bir neçə rus sözlərinin baş hərfləri bir yerə cəm olub, mübarək yeni türk hürufatının baş hərfləri ilə bir söz yazılıb ki, bunu da Vəli Xulufludan başqa heç bir kəndli, ya şəhərli oxuya bilməz. Qeyri bir lövhəyə rast gəlib görürsən, elə bil, it ayaqlamış soğan kərdisidir ki, heç qana bilmirsən ki, kimdən ötrü bu qədər pul xərc edib bunu yazdırıblar. Bir yerdə yazılıb: Maranderinkumbas, qeyri bir lövhədə yazılıb: Kasnibaristonmel. Sonra Onbik, Kato, Samtorqaşveynakurs. Xülasə, dünyanın hər bir yerini gəzəsən və hər nə qədər dağlarının və çaylarının adı var, guya ki, hamısı Bakı şəhərinin lövhələrində yazılıb; bircə yaddan çıxıb Amerika çayları Missisipi və Missuri yazılmayıb. Dəxi nə başını ağrıdım, hər bir Azərbaycan kəndlisi ki, yolu Bakıya düşdü və şəhərin mərkəzinin küçələrinin lövhələrini gördü, elə biləcək ki, onu yəcuc-məcuc vilayətinə gətiriblər. Bu birinci məsələ. Qaldı ikinci məsələ. O da yol məsələsidir, yəni indidən biz gərək o tədarükdə olaq ki, aya, hansı yol ilə Azərbaycan kəndliləri Bakıya və ya Tiflisə gedə bilər? Gərək öz mal arabasına minsin, bir ayın müddətində babaları kimi kəl sürsün, ya dəmiryolu ilə gəlsin. Bilirəm, sən deyəcəksən dəmiryolu ilə gəlsin. Onda mən də sənə deyəcəyəm ki, xub, çox yaxşı sözdür. Amma indi özün də bilirsən ki, yaylaqlardan nepmanlar vaqonlar dolusu dəmir yol ilə şəhərə qayıtmaqdadırlar və hər gün və hər saat Tiflisdən dəmir yol Bakıya yollananda cəmi stansiyalara teleqraflar çəkilir ki, heç kəsə bilet satılmasın, yer yoxdur. Və mən özüm, kəndlilərin köhnə dostu, bax, öz qoca gözümlə hər il sentyabr ayında görürəm Yevlax və qeyri vağzallarda həftələrlə kəndlilər çirkli vağzalın çirkli otaqlarında yan-yana yıxılıb maşın gözləyirlər. Və bir ucdan Tiflisdən teleqraf da işləməkdədir ki, bilet satılmasın. Və neçə-neçə dolu qatarlar vağzaldan gəlib keçib və neçə günlərlə kəndlilər dolu vaqonların akoşkasından başlarını çıxardan totuq xanımlara tamaşa eləyə-eləyə həsrətlə baxıb dərin ah çəkə-çəkə yenə o biri marşrutu gözləyirlər... Bəs, buna nə deyirsən?.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37 * * * Hələ dəm alır İyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur. O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq? Biz həmişə bu suala cavab verərdik ki, Suri-İsrafil çalınanda. Ta ki, il dolandı, cahan müharibəsi vaqe oldu, millətlər bir-birinə toxundu, qan su yerinə axdı və axirül-əmr elə bir cahan inqilabı əmələ gəldi ki, dağları və daşları titrətdi və yer üzünün cəmi yatmışları üçün elə bir Suri-İsrafil çalındı ki, dəxi mən dedim: məcmuənin birinci nömrəsinin, birinci səhifəsində yatan millətim dəxi inşallah yuxudan ayıldı! Və yəqin eləmişdim ki, ayıldı və inşallah ki, ayıldı və mən bu axır vaxtlara kimi həmişə bu fikrə rast gələndə özüm-özümə deyərdim: xeyr inşallah ki, ayılıbdır. Və demək olar ki, bu əqidəmdə mən sabit-qədəm var idim və bəlkə bu dari-fənadən dari-bəqaya rehlət edən günə kimi həmin əqidədə sabit-qədəm qalacaq idim... Ta ki, bu gün Buzovna şəhərinə dəryada çimmək məqsədi ilə səfər etmək bəndəyə qismət oldu və dəryanın kənarında suda çiməndən sonra gözəl havanın şəhdindən bir qədər tənəffüs edib gəldim mənzilə və lap axşamdan yatdım; çox yorğun idim. Dəryanın təlatümünün nəğmələri gahdan bir məni bir azca oyadırdı; mən oyanıb bir-iki dəqiqə aya tamaşa edib yenə yuxuya getdim. Bu heyndə qonşuluqda bir böyük həngamə qulağıma çatdı. Bir neçə balaca uşaq səs-səsə verib çığırışırdılar: şaxsey, vaxsey! Və sonra da bir neçə kişi səsi bunlara qüvvət verib başladılar çığırmağa: şaxsey, vaxsey!.. Məlum oldu ki, həmin gün ərbəin imiş; yəni imamın qırxı imiş. Qeyri məhəllələrdən də şaxsey səsi ucalıb Buzovna vilayətini əhatə elədi və dəxi o gözəl dəryanın təlatümünün tərənnümünü bilmərrə kəsdi və batırdı. Məhz haman axşam mən durdum oturdum yerimin içində və başladım öz-özümə sayıqlamağa və öz-özümə dedim ki: xeyr, hələ ayılmayıb! Qonşuluğumda yatan ev sahibi deməginən mənim bu sözlərimi eşidib. Məndən soruşdu: – Molla əmi, kimdir hələ ayılmayan? Mən cavab verdim ki: – Ayılmayan həmin mənim millətimdir ki, iyirmi il bundan qabaq mən onu yuxuda qoyub gəldim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 sentyabr 1925, №39 * * * Yağış suyu İnsanlar gəldikcə ağıllanırlar. Qabaqlarda xalq yağış suyunu bəyənmirdi. Gedib dağlardan bulaq suyu çəkib, şəhərə gətirirdilər. Belə axmaq işi də əlli-altmış il bundan qabaq Şuşa şəhərində görmüşlərmiş. Rəhmətlik babaları bilməyiblər pulu hara məsrəf eləsinlər. Fikirləşib-fikirləşib, istəməyiblər guya ehsan olaraq bir yadigar qoysunlar. Xeyli pullar töküb, Turşsu dağlarından on səkkiz verst uzaqdan saxsı künəklər ilə xeyli ləzzətli dağ sularını çəkib, Şuşa şəhərinə gətiriblər. Şəhərin hər bir məhəlləsində səliqəli su anbarları tikdiriblər ki, hər birindən neçə-neçə qırnalardan behişt suyu kimi dağ suyu şırıltı ilə tökülüb, camaatı sirab edirdi. Hayıf-hayıf! Xudəvəndi aləmə min şükürlər olsun ki, bu il Şuşa camaatının gözü açıldı və yağış suyunun ləzzətini necə ki, lazımdır anladı və başa düşdü. Buna bais Şuşada bu il həmən bulaq suyunun lağımlarının və könəklərinin xarab olmağı idi. Mən özüm bu il Şuşa şəhərində idim. Gördüm ki, qanmaz camaat qırnaların qabağında səhərdən növbəyə durub, gözləyirlər ki, qablarını doldurub, aradan çıxsınlar. Amma çünki su qətrə-qətrə gəlirdi. Onun üçün də səbir sahibləri sübhdən növbəyə duranda axşam vaxtı deyinə-deyinə susuz qayıdırdı evinə. Çünki su gəlmirdi və mən özüm gördüm ki, bulağın qabağında bir yüz on yeddi övrət-uşaq növbəyə düzülübdür. Bu hal bütün yayı davam etdi. Hərçənd rus dilində çıxan qəzetələrin birinə Şuşadan teleqraf çəkilmişdi ki, Allaha şükür olsun, bulaq suyu o qədər gəlir ki, daxi aşır-daşır. Amma vallah-billah mən ki, Şuşada idim, mən görmədim. * * * Yayın axırına yavuq Şuşaya bir gözəl yağış yağdı. Qurban olum Allahın rəhmətinə. Doğrudan ki, Allah taala həqiqətən Ər-rəhman ərrəhim imiş. Yəni çox bərk yağış yağdı. Axşamdan səhərə kimi. Bunun gözəl nəticəsi o oldu ki, daxi camaat bulağın qabağında boynu buruq durmaqdan bilmərrə əl çəkdi. Amma vaqiən çox ləzzətli yağış idi. Çünki o yağışın suyundan mən özüm də içdim. Cırcırama “Molla Nəsrəddin”, 3 oktyabr 1925-ci il, №40 * * * Təzə müalicə üsulu Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır. Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir. Bu üsulun adı qarınağrısı davasıdır. Bu davanın da adı spirtdir. Əhvalat bu qərar ilədir: Bir neçə gün bundan əqdəm üçüncü milis dairəsinin müavini yoldaş Qurbanova qulluq işindən ötrü Bakıdan çıxıb Saraya tərəf getmək lazım olur və soyuqdansa, qeyri bir səbəbdənsə, bunun qarnı yolda ağrımağa başlayır. Özünü bir tövr Saray qəsəbəsinə yetirib gedir oranın təcrübəli və dünyagörmüş həkiminin yanına. Amma həkim bir az damaqlı imiş. Xülasə, həkim azarlıya baxır və gətirir buna bir dava içirdir. Azarlı davanı içən kimi dik atılır və gözlərindən başlayır od yağmağa. Qurbanov haray-dad eləyir: ay həkim, başına dönüm! Bu necə davadır? Mən yandım, yaxıldım! Xülasə, iş-işdən keçir və azarlı başlayır dəli kimi atılıb-düşməyə. Axırda mətləb açılır: demə ki, həkim Qurbanov yoldaşa gərçək yağı verəcək imiş, kef havasına spirt verib. Axırda həkimdən sual-cavab etdikdə deyir ki, bu müalicə üsulunu mən təzə ixtira etmişəm. Doğrudan da hərçənd Qurbanov az qalmışdı dəli olsun və az qalmışdı ciyərləri parçalansın, amma qarınağrısı da öz-özünə rədd oldu getdi. Yaşasın belə ixtiraçı həkimlər! Dəli “Molla Nəsrəddin”, 10 oktyabr 1925, №41 * * * İran işləri Gorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar? Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları! Götürün nizələri, ey İran qazakları! Düşün şəhərin canına və axtarın və bilin və görün kimlərdir bu xanədani-Qacara xain və ağ olanlar! Niyə yatmısınız, ey qazakxana zabitləri! Bir yada salınız o şanlı və şərəfli günlərimizi ki, beş il bundan qabaq İranın müstəqil Azərbaycanını bir saatın içində dağıtdınız, Əhməd şahın valisini taxta əyləşdirdiniz və hünərinizi yeritmək üçün neçə-neçə qanlar tökdünüz və Şeyx Məhəmməd kimi cümhuriyyətpərəst mücahidi şəhid etdiniz. * * * Gorun çatlasın, ey Mir Tağı Həriri! Bir başını qəbirdən çıxart dünyaya tamaşa elə! Sən çox arxayın tünbətün düşüb getdin və elə bildin ki, dəxi Azərbaycanın istiqlaliyyət söhbəti də səninlə bərabər ölüb getdi. Yadındadır ki, Şeyx Məhəmmədin fotinə sən nə qədər xoşbəxt və məsrur oldun? Yadındadır ki, Azərbaycan cümhuriyyətinin dağılmaq müjdəsini Təbrizdə əyləşən əcnəbi konsulxanalarına bir-bir aparıb, onlardan özünə mərhəbalar qazanırdın? İndi bir gözünü aç gör, ay gorbagor! Bir bax və tamaşa elə, yenə bu nə istiqlaliyyət söhbətidir ki, ortalığa gətirirlər? Sən də eşit, ey Bəsirüs-səltəneyi-mərhum! Sən də bir baş qaldır gör bu nə söhbətdir. İndi söz yox ki, Əhməd şahın Təbrizdəki gədaları səni yada salacaqlar və sənin vəfatına təəssüf edəcəklər; çünki indi sən, nəuzübillah, hali-həyatda olsa idin, şahın tərəfdarları sənə pənah gətirəcək idilər ki, burada bir tədbir tökəsən. Ey Azərbaycan Bismarkı Bəsirüssəltənə! Əgər, xudanəkərdə, hali-həyatda olsa idin, əlbəttə, elə bir fitnə qalxızmışdın ki, bu saat nəinki tək bircə Təbriz, bəlkə ətraf qəzalar da bir-birinə dəymişdi və Azərbaycanın azadixahlarını elə bir zəhmətlərə salmışdın ki, sənə min-min lənət oxuyurdular! Lənətulla əla qövməz-zalimin! Lənət! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 oktyabr 1925, №42 * * * Acıqnan Professor Köprülüzadə danışdıqca mən də danışacağam. Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır. * * * İndi acığnan mən də bir para sirləri açacağam və bizim dostlarımızın bir çoxunun paxırlarını çıxaracağam. Hı!! İndi canını hara qoyacaqsan? Yadındadırmı, bildir qiraətxanaların birində Tövfiq Fikrətin kitabını açıb oxuyurdun. Bir para yerlərini oxudun, gəldin çıxdın “Rübabi-şikəstəyə” və “Sis” sərlövhəli parçaya yetişib, cuşə gəldin. Oxudun, oxudun və bir az da oxusaydın, yəqin ki, özündən gedəcəkdin. Mən burada gülməyə başladım. Sən məndən soruşdun: – Niyə gülürsən, əfəndim? Dedim: – Sənə gülürəm. Səbəbini soruşdun və mən də sənə cavab verdim: – Yəqin ki, sən orada oxuya-oxuya elə sözlərə və ibarələrə rast gəlirsən ki, heç mənasını özün də qanmırsan. Aşnam dayandı və belə oxşayırdı ki, mənim sözlərimi xoşlamadı. Dedi: – Hansı sözləri qanmıram? Mən kitabı aldım və orada bir-iki ləfz tapdım və mənasını soruşdum. Aşnam dayandı və üzünü qapıda duran xidmətçiyə tutub dedi: – Orada kitabxanadan “Əxtəri-kəbir” lüğətini bura gətir. Dedim: – Xub, bəs, Şəmsəddin Saminin lüğətini qoyub, qeyri lüğət axtarırsan? Cavab verdi ki, “Şəmsəddinin lüğəti xırda-mırda və kiçik-miçik yazıçıların əsərlərini oxuyub qanmaqdan ötrüdür. Amma Tövfiq Fikrət kimi dünya hələ görməmiş bir qələm sahibinin əsəri-xaməsini qanmaqdan ötrü dəxi də dərin ərəb lüğətlərinə baxmaq lazım gəlir”. Mən də o vaxt bir söz dedim: “Nə şiri-şötör, nə didari-ərəb”, yəni nə elə dil lazımdır, nə də belə axtarmaq. O vaxt sən güldün... İndi isə mən gülürəm... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 oktyabr 1925, №44 * * * Dəxi nə istəyəcəklər? Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq. Sözüm İran azərbaycanlılarının barəsindədir. Bu gün Tehran padşahlarını yendirdilər; sabah görək nə istəyəcəklər. Qeyri məsələlər hələ öz yolu ilə, mən qorxuram indi də başlayalar ki, bizə Tehranın dili də lazım deyil. Amma öz aramızdı, xudanəkərdə, əgər təbrizlilər indi də belə bir şıltağa başlasalar, yəni indi də deyələr, bizə farsi-marsi dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim türk dilimiz var – onda nəuzübillah, bilmirəm işlər nə yerə gəlib çatacaq? Mən heç zarafat-zad eləmirəm və sözün doğrusunu deyirəm. Çünki hələ şah məsələsi, səhldir, hələ demək olar ki, şahsız da ötüşmək olar, onda da Əhməd şah kimi Allahın bir azarsız bəndəsilə ki, beş-on şahı qabağına atırdın, Firəngistanda gündüz kefdə, gecə damağda, heç bir şeylə işi yox idi. Amma bu dil məsələsini səhl saymaq olmaz və sən bu sözləri Təbrizdən durub danışsan, ağzını cırarlar. * * * Zarafat kənarda qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyələr ki, Culfadan başlamış, bir tərəfi Savuc bulaq İran Kürdüstanı: Həmədan, Qəzvin, ta gəldi çıxdı Gilana və şimal tərəfdə Şura Azərbaycanına qədər, belə bir məmləkətin – ki, adı İran Azərbaycanıdır, – cəmi əhalisinin ana dili türk dilidir və turk dili də olmalıdır. * * * Hə, necə gördün daduşu? Mən bu saat burada otura-otura bilirəm ki, bu saat xah Təbrizdə və xah Marağa və Ərdəbildə türk dili tərəfdarları yavaş-yavaş qımıldanırlar; bunu da bilirəm ki, türk dili tərəfdarlarına cavab olaraq Arif adında bir dılğır şair qoltuq cibindən bir tuğra çıxardıb, fars dilinin şənində öz əşarından oxuyur və türk dili barəsində belə deyir: ar olsun sizə, ey türkcə danışan azərbaycanlılar ki, vəhşi türk dilinə aldanıb, fars dilinə qədr-qiymət vermirsiniz, vaveyla, vamüsibəta!.. Doğrudan da bu nə mərəkə və məhşərdi? Bu gün Əhməd şahı və onun bütün nəslini taxtdan saldılar, – bu hələ səhldir. Sabah tac və taxtı da cümhuriyyət üsul-idarəsinə çöndərdilər, deyərik ki, “arifçi”lər və fars dilçiləri bəlkə buna da tab gətirdilər. Amma əsil qorxu bunun dalındadır ki, birdən başlayarlar fars dilinin çürük-mürük meybaz və beçəbaz kitablarını və tiryakbaz “arif”lərini də təpikləyib birbaş şah Əbdüləzimə qovalar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 noyabr 1925, №46 * * * Böyük həkimlər Yaşadığımız əsrdə və yaşadığımız Bakıda lazımdı hər gün və hər gecə, hər namazdan sonra əl qaziyül-hacətə götürüb, haqq-taaladan istiğasə etmək ki, yaranmışına bir azar-mazar göndərməsin və həkimlərə möhtac qalmasın; yoxsa vay azarlının halına. Çünki indiki əsrdə, indiki Bakı paytaxtında hər bir bədbəxt ki, azarladı – dəxi onun işi bitdi. * * * Bir mən yazığı başa salın görüm, mən başıdaşlı başıma nə çarə qılım; özüm hərdən bir azarlayıram. Və beş-altı nəfər külfətim var, söz yox ki, onları da hərdən bir Allahın dərdi gəlib tapır. Özüm də çünki qulluqdayam, söz yox ki, məcburi straxavoy olmuşam ki, buna da türkcə “sığorta” deyirlər, nə deyirlər. Qabaqlarda çünki xam idim, azarlayanda knickanı götürüb gedərdim müftə müalicəxanaya. Amma indi dəxi ora getmirəm; çünki keçən dəfələrdə, özüm naxoş, biabır oldum. Niyə? Növbə gözləməkdən, bir çox-çox saatlarımı zay etməkdən. Odur ki, axırı təngə qalıb, bir dəfəlik müftə həkimdən, müftə müalicədən əl çəkdim və and içdim ki, uzanıb müftəcə can verərəm, amma straxavoydu, nədi – bir də helə yerlərə getmərəm. Deməli, mən straxavoya getmirəm. Bəs, hara gedirəm? Xırda həkimlərə də adam getməyə qorxur, çünki bu saat Bakıda bildir qurtaranlar da, bu il qurtaranlar da – hamısı kabinet açıblar. Təzəsi, köhnəsi – hamısı qatışıb bir-birinə. Cürət eləmək olmur. Bir də tutaq ki, bir-iki manat cibinə qoyub, bir adsız həkimin yanına gedəsən, söz yoxdur ki, baxacaq və dava da yazacaq. Amma ürəyində həmişə bir nigarançılıq və bir nisgil qalacaq ki, filan məşhur həkimin və ya filan professorun yanına getsə idim, ya xəstəmi aparsa idim, haman gün azar rədd olub gedəcək idi. Bir də can şirin olar və insanın bir yeri ağrıyanda var-yoxunu verməyə hazırdır ki, gecəni rahat yatsın. Adam həmişə istəyir ki, yaxşı həkimə getsin. İndi gəl görək böyük həkimin yanına necə gedəcəksən. Hər dəfə gedəndə gərək beş manat aparasan və yarım manat əskik olsa, qəbul eləməz. Srağa günlərdə canımı dişimə tutub, beş manat cibimə qoyub, haman məşhur professorların birisinin yanına getdim. Qapıdan içəri girməmiş əvvəl 5 manatı alıb bilet verdilər. Baxıb gördüm biletimin nömrəsi 59-dur. Nə isə, professorun evindən çıxanda fikir eləyirdim ki, yaşadığımız əsrdə Bakıda lazımdır hər dəstəmaz alanda qülhüvallah əvəzinə Allaha yalvarmaq ki, biz, aciz bəndələrə rəhmi gəlsin və azar-mazardan bizi saxlasın. Yoxsa bir küçədə kommunxoz iris satan Əhmədəlidən gündə dörd qəpik naloq alır, o biri küçədə də məşhur professor bir gündə istəyir beş-altı yüz manat xəstələrdən pul alıb cibinə doldursun. Dəli “Molla Nəsrəddin”, 21 noyabr 1925, №47 * * * Müsəlla Bu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı. Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar. Yəni başıaçıq, ayaqyalın çölə çıxdılar ki, Allahlarına yalvarıb-yaxarsınlar, bəlkə Xudavəndi-aləm göydə olan yağış anbarlarının heç olmasa birisinin ağzını açıb, müftə sudan bir az yerə töksün və yanan əkinləri sirab eləsin ki, biçarə əkinçilər qışda çörəksiz qalmasınlar. Hətta xırda-mırda çölmə-cocuqları da özləri ilə apardılar ki, bəlkə böyüklərin günahı çoxdur. Heç olmasa Allahın kiçiklərə yazığı gəlsin. Mollalar əmmamələrinin ucunu açıb sallatdılar, əllər göyə qalxdı, Quranlar açıldı, böyüklər də yalvardılar, arvadlar da yalvardılar. Hətta kiçiklər də atalarının vəsiyyəti ilə əllərini qalxızıb yalvarmağa başladılar ki; – Ay Allah, sən bizim atamıza pəpəş ver ki, biz də ac qalmayaq. Qardaş, yağış gəlmədi ki, gəlmədi. Nə göyə qaldırılan əllər, nə də iltimaslar-yalvarışlar bir iş görmədi. Nə havada bulud göründü, nə də yağış yağdı. Nə eləmək? Bəndənin Xaliqə bundan artıq gücü düşməz. Öz yaratdığı insanlardır. İstər yağış göndərər, istəməz göndərməz. Özü bilən məsləhətdir. Məni düşündürən bu kafir amerikalılardır. Deyirlər ki, biz göydən gələn yağışın istədiyi ilə dolana bilmərik. Özümüz özümüz üçün yağış yağdırmalıyıq. Məsələn: Axırıncı teleqram xəbərlərində belə bir xəbər vardır ki, bir nəfər amerikalı bir maşın düzəldibdir, istədiyi vaxt yağış yağdırır. Bu kafir amerikalının nə müsəlman dinindən, məharətindən xəbəri var, nə də yağış yağdırmaq üçün Allahı çağırır, nə də peyğəmbəri. İstədiyi vaxt bu maşını qoltuğuna vurub, gedir bir uca yerdə qurur və bir neçə dəqiqədən sonra açıq və boş havanı buludlar bürüyür və həmən binamaz amerikalıya lazım olan qədər şıdırğı ilə yağış yağır. Məni yandıran da burasıdır ki, bizim dua eyləməkdən dilimiz tük gətirir. Yağış gözləməkdən gözümüzün kökü saralır, bir şey çıxmır. Amma o biri tərəfdən bir murdan amerikalının biri istədiyi vaxt, istədiyi qədər yağış yağdırır. Ey yeri, göyü yoxdan yaradan Allah, ya bir yolluq de ki, ey pak olan İslam camaatı! Eşit və inan ki, bunların hamısı qeyri-mümkündür. Yağışın başqa təbii qanunları var ki, onu da namazsız amerikalı işçi tapıbdır. Ya da ki, Müsəllaya çıxıb, toz-torpaq içində yağış axtaran bizim kimi insanlarına yazığın gəlsin. Dəli “Molla Nəsrəddin”, 5 dekabr 1925-ci il, №49 * * * Ayların adları İnsan nə qədər çox bilsə, o qədər yaxşıdır. Nə qədər onun məlumatı artıq olsa, o qədər yaxşıdır. Bir mənanı bildirmək üçün insanın lüğəti nə qədər zəngin olsa, o qədər yaxşıdır. Qabaqlarda biz dekabr–noyabr sözlərini bilməzdik. Bu gün ayın neçəsidir? Bu gün cümadı ül-əvvəlin on ikisidir. Vəssalam. Sonralar rus dərsi və rus dili ortalığa çıxandan sonra noyabr və dekabr ayları da ortalığa çıxdı. Bu gün ayın neçəsidir? Bu gün noyabr ayının iyirmi səkkizidir. Bu da belə. İndi də duanın bərəkətindən dəxi də zənginləşməyə üz çevirmişik. İndi də türk qəzetələrinin birini açıb tarixinə baxırsan, yazılıb: 12 cümadi ül-əvvəl. O birisini açıb baxırsan, yazılıb: 28 noyabr. Üçüncü türk qəzetəsində yazılıb: 28 təşrini-sani. Demək indi biz xoşbəxt türk tayfasının tarixinin ayları üç qism olmuşdur: Qəməri, 2) Şəmsi rumi, 3) Siryani. İndi dördüncüsü qalmışdır. Çünki bizim hər işimiz dördən gəlib. Əlifbamız: Ərəb əlifbası, fars əlifbası, türk əlifbası və latın əlifbası. Ana dilimiz: Ərəb dili, fars dili, türk dili və rus dili. Cümadi, noyabr və təşrin aylarının üstünə də dördüncü bir yacuc ayı tapıb qoysaydıq, bu da dördüncü ayağı gətirib işi düzəldərdi. Bu barədə də mən məsləhət görürəm Azərbaycan tədqiq və tətəbbö cəmiyyətinə müraciət etmək ki, bəlkə tədqiq və tətəbbö kimi xoruz səsi eşitməyən sözlərdən bizə də təzə bir ay adı icad etsin. Cırcırama “Molla Nəsrəddin”, 5 dekabr 1925-ci il, №49 * * * Pambıq qiyməti Qəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir. Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi? Biz əvvəl başdan bunu aydınca söyləyirik ki, pambığın qiyməti dörd manatlıqda nə öz yerindədir, nə də ucuzdur; bəlkə hələ bir az da bahadır. Bu qiymət çox yaxşıdır. Nə üçün? İndi bu saat hər bir əkinçi orta hesabla iki desyatin pambıq əksə, desyatindən yüz pud, yəni iki desyatindən 200 pud pambıq yığa bilər. Pudu elə indilikdə dörd manatdan Allah bərəkət versin – səkkiz yüz manat pul edir. Səkkiz yüz manat dilə asan gəlir. İş yalnız bununla tamam olmur və kəndlinin mədaxili ancaq pambıqdan deyildir: onun buğda əkini var, arpası var, sonra bostanı, bağı, üzümü gəlir. Mal-qarasından pendir, yağ satır, qoyunundan yun satır. Hələ bunlardan başqa toyuğu müftə, südü – müftə. Bazar çörəyinə və başqa bu kimi şeylərə pul vermir, tramvaya minmir, teatra gedirsə pul alınmır, kinolar da pulsuz göstərilir. Hələ naloq da öz yerində, əksildi. Kəndli baba pambıqdan aldığı pulları küpəyə doldurmağa başlayır. Biz indi tutaq ki, pambığın qiymətini artırdıq, pambıq idarəsi də kəndlinin pambığını dörd manatdan artığa aldı. Kəndli dadaşın küpəsi bir az da dolacaq. Görək indi kəndli qardaş bu pulları nəyə sərf edəcək? Hər il çavuş səsi eşidən kimi başlayacaq ki, ağam məni istəyir, gərək ziyarətə gedəm. Heç uzağa getmək lazım deyil. Bir neçə il bundan əvvəl kəndlilərin pulu çoxaldı; iki yüz pud pambığı olan səkkiz yüz manat alıb cibinə doldurdu. Sonra bilmədi hara xərcləsin. Kəndlilərin arasında üç-dörd arvad almaq mod düşdü. Ziyarətə gedənlər də günü-gündən artmaqda idi. Məsələn, haman ildə yalnız Qərəşani kəndindən on dörd adam Kərbəlaya getdi. Mürsəl koxa, Cəfər xoca, Məhəmməd yüzbaşı, Hüseynqulu kirvə, Zeynalabdin əmi, Pirverdi dayı və başqaları. Başqa kəndlər və qəzalarda da habelə. Pambığın qiymətini bu il artırmaq istəsək, yenə kəndlilərimizin hərəsi bir həvəsə düşəçək: biri behişt məşqinə düşəcək, biri huri dalınca düşəcək. Buna görə biz deyirik: nə pambığın qiymətini artırmaq lazımdır, nə də kəndliləri huri həvəsinə salmaq. Vəssəlam! Cırcırama “Molla Nəsrəddin”, 12 dekabr 1925, №50 * * * Zarafat Rza şahın şah olmaq söhbətini qabaqlarda mən zarafat sanırdım və indi də zarafat sanıram. Səbəbi budur ki, indiki əsrdə təzədən taxta çıxıb, tac qoymaq söhbətini bir yanda eşidəndə adam elə bilir ki, küçə uşaqları küçədə şah-şah oyunu oynayırlar. Amma İranın işi çox məzəlidir. Bir neçə ay bundan qabaq İranın bıvşi (keçmiş) padşahı Əhməd şah Firəngistandan İrana gəlməyə hazırlaşanda İran azadixahları Əhməd şaha kağız yazmışdılar ki, sənin indiki əsrdə Tehrana qayıtmağın bicadır. Çünki dünyada cəmi hökumətlər cümhuriyyət şəklini aldığı halda, biz iranlılar özümüzü bundan sonra bir nəfər şahın istibdadı altına salmarıq. Hətta Rza şah özü də axırıncı məktubunda bu məzmunda Əhməd şaha bir vəsiyyət yazmışdı. İndi belə məlum olur ki, bunlar hamısı biclik imiş. Demək, beləliklə, biçarə Əhmədin başının altına yasdıq qoymuşlar və qoydular da. Mənim sözüm orada deyil. Mənim sözüm İran azərbaycanlıları barəsindədir. Çünki Tehran barəsində bir o qədər məlumatım yoxdur. Amma Təbrizin işləri çox qəribədir. Çox eşitməli və çox da gülməlidir. Hər kəs beş-altı il bundan qabaq İran Azərbaycanını yavuqdanyavuğa görüb və eşidibsə, indi mənim bu sözlərimin mənasını anlaya biləcək. Amma hər kəs nə görübdür və nə eşidibdir, onun üçün mənim bu yazdığım maraqlı görülməyəcək. Elə də bu sətirləri burada qoysun, vərəqin o biri tərəfini çöndərsün. Orada məzəli-məzəli sözlər var, oxusun, ləzzət aparsın. Hə dadaş! Bə necə oldu sənin “Azadistanın”? Bəs, sən o vədə Azərbaycanı Tehrandan ayırdın, bəs, sən Azərbaycan adını sənədlərdən və kitablardan pozdun, “Azadistan” eylədin. Bəs, sən Azərbaycanda cümhuriyyət üsul-idarəsi qurub, Təbrizi mərkəz qərar verib, inamla və vicdanla vətənin azadlığını saxlamağa əhd etdin. Mən bu sözləri dünən həmən “Azadistan” övladının birinə küçədə dedim və ondan cavab istədim. O da mənə belə bir cavab verdi: – Mənim özümün də bu saat Təbrizdən xəbərim yoxdur. Ancaq o üç nəfər millət vəkili ki, Tehranda məclisi – müəssisanda təzə şahın intixabında bitərəf qalmış üç nəfər millət vəkili bilsəydim ki, kimlərdir, bu barədə sənə bir cavab verə bilərdim. Ancaq hər nə olmuş olsa, ürəyini sıxma. Mən soruşdum ki; Necə yəni ürəyini sıxma? Dedi: Rza xanın şah olmağı mənim üçün bu saat toy-bayramdır. Mən dedim ki, balam, bəs, mən səni özgə cür tanıyırdım. Dedi: Elə heylə də tanı! Çünki əgər İran cümhuriyyət elan olunsaydı və Rza xan da cümhuriyyət rəisi qərar verilsəydi – o vaxtda onun məqamı indikinə nisbətən daha uzun olardı. Amma o özünü nizə gücü ilə şah elədiyi üçün indi sən axırına tamaşa elə. Qadan alım, buna İran deyirlər. İndi bundan sonra vəlvələyə-zəlzələyə tamaşa elə və heç ürəyini sıxma. Lağlağı “Molla Nəsrəddin” 19 dekabr 1925-ci il, №51 * * * Əsil məqsəd nə imiş Bu günlərdə məscidlərin birində böyük yığıncaq var idi: cəm olanlar hamısı Bakıda yaşayan iranlılar idi. Mən də özümü bir sayaqla məscidə saldım. Məlum oldu ki, camaatın buraya toplaşmağına səbəb Təbriz azadixahlarından Məhəmmədhəsən Əli Zənuzinin təzəlikcə Tehrandan qaçaq surətində bir növ Gilandan keçib özunü Bakıya salmasıdır. Bunun gizli gəlməyinin səbəbi Rzaşahın hər bir nüqatda qoçularının tərəfindən bunun təqib olunmağıdır. Saat 12-də Məhəmmədhəsən Əli Zənuzi minbərə çıxdı və qoltuq cibindən bir nüsxə ruznamə çıxardıb camaata salam verdi və başladı: – Mən bu dəqiqə özümü xoşbəxt hiss edirəm ki, bir çox qorxulardan sonra burada vətən qardaşlarımla görüşmək və dərdimi onlara açıb söyləmək mənə müyəssər oldu. Ərz edirəm ki, qəlbimdə və ruhumda olan mənim mənəvi yaram nə qədər təhlükəli də olmuş olsa idi, bu məclisdə mənim cəmi dərdlərim şəfayab olacaqdır. Söhbət dünya xəlq olunandan bu vaxtadək iranlıların başına gələn müsibətlər üstündədir. Bugünkü gündə ətrafımızdakı qonşu millətlər azadlıq nəfəsi aldıqları halda, biz bəxti qarə iranlılar da bu azadlığın yavuqlaşmağına ümidvar olmaq istəyirdik ki, tam bu vaxtda bir nəfər mazandaranlı özünü şah elan etməklə genə biz əhalinin başına böyük bir daş saldı. Əl-ələ verib, bu ağır daşı öz üstümüzdən qaldırıb kənara tullamayınca biz bu daşın altında ah-zar edəcəyik. Bu sözlərdən sonra Məhəmmədhəsən Əli Zənuzi əlindəki ruznaməni açıb dedi: – Qardaşlar, söylədiyim sözlər köhnədir. Təzə söhbət burasındadır ki, bu saat İranda fars millətçiləri danışmaqdadırlar. Fars millətçiləri deyirlər ki, Əhməd şahı biz ondan ötrü taxtdan yendirmədik ki, şahlığı biz dost tutmuruq. Xeyr, ondan ötrü yendirdik ki, Qacarlar türk nəslindəndirlər. Sözümün sübutu üçün mən sizə bir vəsiqə gətirmişəm: bu, Gilanda Rza şahın tərəfdarlarının pulu ilə nəşr olunan “Səlamət” ruznaməsidir. Görün, həmin ruznamə üçüncü şumarəsində nə yazır: “Məqsəd əz xəli-Əhməd şah nəinki təbdili-üsuli-idareyi-nizami bəcümhuriyyət bud. Nə, nə, nəuzübillah! Bəlkə təvizi-taifeyi-quldurasai-Qacariyanitürki bəsülaleyi-tahireyi-nəcib Pəhləviyi-farsi bud”. Bu fars millətçilərinin sözü. Qardaşlar! Mən də sizi buraya dəvət edib hamınıza deyirəm: biz o millətçilərə belə cavab verməliyik ki, biz İran azərbaycanlıları üçün farslar da qardaşdır, türklər də qardaşdır, erməni, rus, gürcü, yəhudi – hamısı qardaş, yoldaşdırlar. Amma bir nəfər türk – elə ki, padşah oldu – bizim üçün zibildir; bir nəfər rus, erməni, yəhudi, gürcü də elə ki, padşah oldu, bizim üçün genə zibildir. Habelə bir fars da bizimlə qardaşdır; amma helə ki, taxta çıxıb padşah oldu, genə biz İran türkləri üçün zibil oldu. Burada natiq nitqini qurtarıb, alqışlar altında aşağı düşdü. Xalq dağılmağa başladı, mən də durub yola düşdüm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 yanvar 1926, №1 * * * Moizə – Biz aciz bəndələrə heç bir vəch ilə ixtiyar verilmir çox arvadlılığın yaxşılığı və pisliyi barəsində fikir və xəyalata düşmək və mübahisəyə girişmək. – Sənin borcundur bu məsələləri eşidəsən və öyrənəsən. Qasım bəy məscidində, oranın vaizlərindən. – İstər fəcaətən o dünyaya getdin, istər aylar ilə xəstə oldun, bu straxovoydu, nədi? Onun təbiblərinə ümidvar olma! – Gördün ki, sənin dalında bir sahibsiz uşaq acından ağlayır, ona söylə: Allah özü kömək olsun. – Bir övrəti ki, sən ona təlaq vermək istədin, onun üccə gün iddəsi var ki, səndən çörək istəsin və ondan sonra sən azadsan. – O suyu ki, hər gün və hər gecə kəndli sarayından küçəyə cari olur, həmən su elə üfunət verir ki, bilmirsən bundan zəfəran qoxusu gəlir, ya Ağdam sabunu qoxusu gəlir: – zamani ki, şərabı o qədər içdin ki, keyfləndin, o vədə qadınlarla o qədər rəqs elə ki, sübhi-sadiq zamanı səni orada rəqs edən görsünlər. – zamani ki, on iki yaşında bir çocuq məktəbə daxil oldu, bir ildən sonra həmən çocuq şairlik rütbəsinə çatıb, gündə bir şeir yazmağa müğtədir olacaq. – Əgər bir kooperativ müdiri xəyanət və pul yemək üstə qulluqdan kənar olursa da, yenə Allaha şükür edir ki, birinci ayın müddətində ki, kooperativdə qulluqda oldu özü üçün ömürlük mal və mənal sahibi oldu. Dəli “Molla Nəsrəddin”, 2 yanvar 1926, №1 * * * Türkcə kəlmələr haqqında araşdırmalar Farsların türklərdən götürüb mənimsədikləri sözlərdən biri də “Pənd” yəni nəsihət kəlməsi olub, əsli türkcədir. Farsca “Pənd” kəlməsi türkcə “Pəndim” sözündəndir ki, dəyirmançılıq aləmində istemal olunur. Habelə təbabətdə də işlənir və axır vaxtlarda hətta nəşriyyat dairələrində də gözə çarpmaqdadır. Dəyirmançılıqda “Pənd” kəlməsi məsələn: Şagird dəyirmanın boğazına dəni həddindən ziyadə tökəndə və dəyirmanda dəni öyüdə bilməyəndə işlənir. Görürsən usta şagirdə pənd və nəsihət eləməyə başlayır ki, a balam, bu qədər dəni dəyirmanın boğazına tökməmiş bir qabaqca mülahizə eylə gör o dəni öyüdüb un eləməyə dəyirmanın gücü çatacaq ya yox. Çünki məlum şeydir ki, gücü çatmasa, dəyirman pəndim olub dayanacaq. Təbabət aləmində də həmçinin həzm və təhlil şəraiti heç bir vaxt pozulmamalıdır. Əks surətdə mədədə pəndimlik üz verəcək və təbib çağırmaq lazım olacaqdır ki, gəlsin xəstəyə qabaqca pənd və nəsihət eləsin ki, ay qardaş, gərək dəyirmanı qabaqca mülahizə edəsən və ona görə də yemək yeyəsən. Nəşriyyat aləmində də farsca pənd və nəsihət və türkcə pəndimlik kəlmələri axır vaxtlarda habelə istemal olunmaqdadır. Nəşriyyat idarələri tərəfindən işçi və kəndlilər üçün hey bir ucdan kitab çap olunmaqda və hambalların dalında doruğlarda daha daşınmaqdadır. Söz də yoxdur ki, bu kitabların çoxusu az savadlı işçi və kəndlilər üçün çap olunur. İndi bir çoxları soruşurlar ki, yarı kəlmələri ərəbcə, yarı farsca və yarı rusca çap olunan bu kitabları, yəni bu dəni həmən az savadlı yoldaşlarımız öyüdə biləcək və həzmə verə biləcəklərmi ya yox? Bizim qorxumuz burasındadır ki, indi də başlayarlar pənd və nəsihət etməyə ki, qardaş niyə dəyirmanın qüvvəsini mülahizə eləmədin, axırda pəndimlik əmələ gəldi. Müxtəsəri-kəlam, mən görmək istəyirdim ki, farsca pənd kəlməsinin əsli türkcə pəndim kəlməsindən alınmışdır ki, bunu da misallarla sübut elədik. Cırcırama “Molla Nəsrəddin”, 23 yanvar 1926, №4 * * * Allahın qüdrəti Şükür eylərəm Allahın qüdrətinə ki, yox olan şeyin türfətüleyndə var və var olan şeyi türfətüleyndə də yox etməyə qadirdir. Bir vaxt var idi ki, Kommunist küçəsindəki altımərtəbəli evin beşinci mərtəbəsinə çıxmaqdan ötrü insanlar yolun altı yerində oturub nəfəs alırdılar. Çünki hər mərtəbəsi otuz altı pillədir. Adamın dizləri quruyur. Xüsusən bir az da ki, mənim kimi qoca olanda. Amma indi bir maşın icad ediblər ki, görürsən adamlar minirlər, bir dəqiqədə çıxıb yuxarı mərtəbəyə qalxırlar. Mən də dörd nəfər qoca kəndli ilə dünən getmişdim Ədliyyə komissarlığına. Orada işim var idi. Danaqırd kəndindən dörd nəfər vəkil gəlmişdi. Şikayətləri var idi. İki mərtəbəni çıxandan sonra lap nəfəsimiz kəsildi. Oturduq dincəldik və bir çubuq çəkdik. Sonra bir tövrlə elə ki biz qalxdıq. Biz yuxarı çıxınca manşın altı dəfə qalxdı və altı dəfə də yendi. Hər dəfə də görürdük cavan-cavan oğlanlar gülə-gülə maşının içində qalxıb, enirlər. Mən bir istədim bu xəyala düşəm ki, Xuda nəkərdə bəlkə bizi də maşına mindirələr. Pənah Allaha deyib, getdim dərdi-dilimi maşınçıya söylədim. Belə məlum oldu ki, bir belə feyz hamıya qismət olmaz. Çünki həmin maşını qayıtdıran Xalq təsərrüfat şurasının qulluqçularından başqa heç kəs həmən maşından istifadə illətə bilməz (Yəni minə bilməz). Xülasə, bizi mindirmədilər. Mənim sözüm bunda deyil. Çünki biz öyrənmiş adamlarıq. Maşın olmasın, pilləkən olsun. Sözüm Allahın qüdrətindədir ki, gözə görünməyən bir qüvvə ilə bir möcüz ilə o ağırlıqda maşını bir türfətüleyndə gör necə yuxarı qaldırır və aşağı endirir. Dəli “Molla Nəsrəddin”, 30 yanvar 1926-cı il, №5 * * * Bakı nefti İskəndər ibn Yaquba cavab Əzizim, “Bakı fəhləsi” qəzetəsinin yanvarın birində çıxan nömrəsində Bakı nefti barəsində yazdığın məqaləni oxudum və xoşum da gəlmədi. Doğrudur, yazdıqlarını zahirdə həzl və zarafat təriqilə yazırsan, amma batində bilirəm ki, sən bizə lağ eləyirsən. Yazırsan ki, Ağdam qəzasında kənd əhalisi neft yoxluğundan piy çırağı yandırır. Bu sözləri yaza-yaza sən öz aləmində elə xəyal eləyirsən ki, guya burada kənd əhalisinə tərəfdar çıxırsan və onların halına yanırsan. Hal o ki, işlər lap özgə cürdür. O şey ki, sən indi yazırsan, həqiqət aləmində o bir xəyanətdir ki, səndən baş verir. Yazırsan ki, bir tərəfdə İngilis neft ticarəti sədri Ditir Dinq deyir ki, bütün yer üzünün məmləkətlərini gərək mənim neftim işıqlandıra. Neft Sendikatı sədri Lomov yoldaş da deyir ki, bütün yer üzünün məmləkətlərini gərək mənim Bakı neftim şölələndirə. Bir tərəfdə də Ağdam kəndliləri neft qıtlığı səbəbindən piy çırağı yandırmağa möhtacdırlar. Mən də sənin “Mozalan” rəfiqin sənə deyirəm ki, girəm bu sözlər səhihdir, ancaq ey mənim əzizim İskəndər ibn Yaqub, sən bu sözləri yazanda ikicə nöqtəni mülahizə buyurmamısan: Birincisi budur ki, ingilis ticarətindən və bütün yer üzünün neft alverindən ki, söhbət açırsan, mən bilmirəm sən nə güman edirsən? Ancaq onu gərək unutmayasan ki, əgər bizim neft ticarəti idarəsi Bakının cəmi neftini daşıyıb Avropaya tökür və bu yanda Ağdam kəndlisi neft tapmırsa, buna gərək sən də fəxr edəsən, mən Mozalan da fəxr edəm və Ağdam kəndlisi də. Səbəb də budur ki, xarici ticarətimizin tərəqqi ya tənəzzülü sənə də aiddir, mən Mozalana da aiddir və habelə Ağdam kəndlisinə də daxildir. İkinci nöqtə də budur ki, bunu sən də bilirsən, mən də bilirəm və Ağdam kəndliləri də bilir ki, neftin işığı gecələr çox-çox oxuyub-yazanların gözlərini xarab eləyən bir şeydir ki, buna şəkk eləmək lazım deyil. Onun üçün də mən hesab edirəm ki, Ağdam kəndlilərinin piy çırağı istemal eləməklərinə şad olmaq lazımdır, nəinki qəmgin olmaq. Buna görə də ey mənim əzizim, qələmi əlinə alıb, həmən mərdümazar məqaləni “Bakı fəhləsi”nin birinci səhifəsində yazmaqdan qabaq lazım gələrdi ki, bu mətalibi bir qabaqca zaiqəyə tapşırasan, sonra yazasan. Mozalan “Molla Nəsrəddin”, fevral 1926-cı il, №6 * * * Kimə yalvarım? Xanəndələr hərdən bir oxuyarlar: Bəs, mən kimə yalvarım? Hə! Kimə yalvarım? Bu həftənin ərzində üç nəfər adam idarəmizə gəlib, əvvəl sifətdə beləcə başladılar: – Bəs, mən kimə yalvarım? Bu üç nəfər şikayətçinin biri qubalı Balaoğlan dairəsinin, Rəncbər kəndinin sakini Ağacan adlı qaraşın bir oğlan idi. Bu adam and içirdi ki, Rəncbər kəndlisi dükançı Əlibala məşədi Usubalı oğlu xalaoğlusu məşədi Rəhim ilə birlikdə onu o qədər döyüblər ki, indi bu saat yerləri ağrıyır. Ay balam, nə üstə döyübdürlər? Onun üstə ki, mən niyə onun dükanında oturub, “Molla Nəsrəddin” oxuyuram. İkinci şikayətçi bir nəfər nardaranlı oğlan uşağı idi. Bu da içəri girən kimi başladı: – Ay molla əmi, bəs, mən kimə yalvarım? Dedim: Nə var? Cavab verdi ki, axır bu tənəffüsdür nədir ki, məktəblərdə icad eləyiblər? Bunu icad eləyənin evi yıxılsın. Bizim Nardaranda on altı nömrəli məktəbin dördüncü və beşinci siniflərində dərslər on beş dəqiqə gedir. Amma tənəffüs 45 dəqiqə. Halbuki gərək tərsinə ola. Bəs, biz dərsləri nə vaxt öyrənəcəyik? Bəs, biz kimə yalvaraq? Mən dedim: Gedək məktəb şurasına, yalvarın. Deyir: – Yalvardıq, bir şey çıxmadı. Üçüncü şikayətçi də bir nəfər müsafir idi ki, axsıya-axsıya idarəmizə girdi. Bəs, mən kimə yalvarım? – A balam, nə olubdur? Tiflisdən gəlirdim. Dəmiryol qatarı üçdü. Az qalmışdı əziləm. Əcəlim tamam deyilmiş. Amma bir neçəsi Allahın rəhmətinə getdi. – Ay balam, nə oldu ki, maşın yıxıldı? – Maşın sürən deyirlər, kefli imiş. – Hə, indi sözün nədir? – Bəs, mən kimə yalvarım? Şey-şüylərim hamısı vaqonun altında dağıldı, tələf oldu. Dedim: – Qardaş, heç kəsə yalvarma, get o uca olan Allaha yalvar ki, onun məşiyyəti ilə dəmiryol məhəlləsində, Bakı-vağzallarının rubərusunda yüz on yeddi calallı və hişmətli şərab dükanları durub, dəmiryol qulluqçularına şərab satırlar. Həmin sərxoş dəmiryol qulluqçuları hər gün uçub-yıxılan vaqonların altında qalan və əzilən miniklərə tamaşa edirlər və könüllərində ancaq mövlana Übeyd Zakaninin bu beytini münasibi-hal görüb, deyirlər: “Bemən yek cürə meyi-həmrəng azər, Geramitər ze səd xuni-bəradər. ” Lağlağı “Molla Nəsrəddin” fevral 1926-cı il, №8 * * * Orucluq Keçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa. O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər. Amma indi uzun-uzadı orucluq söhbətlərinin mənası yoxdur. Çünki indi zaman o zaman deyil. Dəxi indi camaat bir növ ayılıb, mollaların da indi o qədər nüfuzu yoxdur ki, camaatı əldə saxlaya bilsinlər. İndi bir gör dünyanın nə vaxtıdır. Gör bir sair millətlər nə işdədirlər, hamı elm və təməddün dalınca getməkdə, təzə-təzə kəşfiyyat və ixtiraat axtarmaqda, texnika və təbabətdə təzə əsaslar və təzə üsullar aramaqdadırlar. Radio bir yandan, zəmin və asiman həngamələri o biri yandan. Sən də burada başlamısan ki, ramazan belə gəldi, orucluq elə getdi, eydi Fitr belə getdi. Bəli, keçən vaxtlar orucluqdan yazmağa haqqımız var idi. Səbəb bu idi ki, o vədələr hamı oruc tuturdu. Hətta ürəfamızın da bir çoxu avam camaata xoş gəlmək babətindən oruc tuturdular. Küçədə bir başı əmmaməli görəndə yanan papiroslarını ciblərinə soxurdular. Amma indi oruc tutan kimdir? Heç kəs. Beş-on hambal-humbal ilə beş-on molla, seyiddir. Bunların da vaxtına bir-iki il qalıbdır. Bunlar da görəcəklər ki, səhərdən axşamadək ac qalmaqla adama öləndən sonra nə huri verələr, nə qılman verərlər (qılman, yəni kiçik oğlan uşağı). Onun üçün bu il biz orucluqdan heç bir şey yazmağa lüzum görmürük. Çünki oruc tutan, əhya saxlayan kimdir ki? Beş-on keçəl-küçəl, hambal-humbal. Bunların da ömrü gəldikcə azalacaqdır. Səbəb budur ki, elm və texnika artdıqca orucluğumuz xürafatını bilmərrə aradan çıxardıb çölə tullayacaq. Buna görə də bu il orucluq söhbətlərini məcmuəmizin səhifələrində daxi lüzumsuz görürük. Əlbəttə, hər bir mömin müsəlman bəndəsi balaca uşaqları və xəstə qoca kimilər və arvadları oruc tutmağa vadar edəndə, onun şəklini məcmuəmizdə çəkib, göndərəcəyik vəhşi heyvanlar muzəxanasına ki, dərya kənarındadır. Özü də balaca uşaqlardan aldadıb, üç abbası alırlar. Kəndlərdə gördüyümüz eşşək və qatırdan savayı bir özgə heyvan göstərmirlər. Lağlağı “Molla Nəsrəddin”, 6 mart 1926, №10 * * * Təfavüt Qubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər. Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür. Bəh-bəh, nə böyük təfavüt! Orada kilsə dağılır, yerinə tramvay tikilir. Amma burada qubalılar üçün calallı bir məscid təmir olunur. Fəda olum sənə, ey məscid və minbər sahibi! Şükür olsun sənin kəramətinə, ey gözəgörünməyən pərvərdigar! Bəli, söhbət təfavüt üstündədir. Burada Şeyx Qəni axundun mərifəti ilə dörd dənə gözəl qübbəli bir günbəz asimana bülənd olub, Şamaxı məhəlləsini zinətləndirməkdədir. Möəzzin də hər gün zöhr vaxtı minarəyə üruc edib, bisavad Quba camaatını səlat üz-zöhrə hidayət edir. Bir yanda da binamazların evlərinin üstündə uca dirəklər basdırılıb və dirəklərin başlarına məftil keçirilibdir ki, bunların vasitəsilə bir radio əməli düzəldiblər ki, burada Bakıda əyləşə-əyləşə Moskva və Londonda danışılan sözləri eşidə bilirlər. Bunlar hamısı keçib gedər. Mənim söhbətim yenə təfavüt barəsindədir. Yəqin ki, damların üstünə radio məftilləri çəkənlər uzaqdan durub qubalıların məscidində minarədən ramazan ayının quyruğunu güdənlərə baxıb, onları dəli-divanə hesab edirlər. Yenə yəqin ki, qubalılar məscidinin möminləri də ramazan ayını minarədən güdən zaman binamazların damlarının üstündə qurulan radio dəstgahlarını görəndə onları dəli-divanə hesab edirlər. Demək – bunlar onları. Onlar bunları. Bunlar onları axmaq hesab edir, Onlar bunları dəli hesab edir. Qoy bunlar onlara nə deyir, desin, bu işlərin hamsısı Allah yanındadır. Xudavəndi-aləmin lənəti o kimsələrə olsun ki, mahi-mübarəkiramazanın gözəl-gözəl ibadət və etikafını buraxıb, gedib bir para şeytanat işlərilə övqatını zaye edirlər ki, nə bilim, radio belə gəldi (Marfoni) elə getdi (Qiyori) filan oldu, filan da bəhməkan oldu. Allah (Marfoni)yə də lənət eləsin, (Qiyori)yə də lənət eləsin. Bütün radio oyunbazlıqlarının hamısını satsan orucluğun bir saatının feyzini ələ gətirə bilməzsən. Ay bədbəxt! Lağlağı “Molla Nəsrəddin”, mart 1926-cı il, №12 * * * “Sənət və ədəbiyyat” A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir: “Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”. Hər bir kəs öz rəyini açıqca söyləyə bilər; biz də bu barədə bir az danışmaq istəyirik. Yoldaş A.Şərifin məqaləsinə gəldikdə, biz ancaq burjua mühitində yaşayan əfradın gözəllik barəsində bəslədiyi idealın məqalə sahibi tərəfindən səhih yazıldığını iqrar edirik və bunu əlavə edirik ki, nazik əllərin, nazik barmaqların ucları “manikür”də gərək olsun ki, Şərqdə ona “fındıqca” deyirlər; çünki rənglənmiş barmaqların ucu fındığa oxşayır. Burjua sinfindən savayı, yoldaş Şərif bir də işçi barəsində söhbət açır. Amma bizə qaldıqda əlavə iki sinif dəxi qalır: biri kənd işçi camaatı, biri də mömin şəhər əsnafıdır. Şəhər əsnafının qadın barəsində arzu etdikləri gözəllik ibarətdir: məhz yoğun baldırdan və ağ, yağlı bədəndən. Çünki şəriət də belə buyurur. Kənd əhalisinə gəldikdə, bunların da bu saat tək bircə idealı var: – Ay arvad, qorxuram gecə qaranlıqda qalarıq, heyvanlar dolaşar; dana-buzov ayaq altında qalar. Götür o neft qabını, gör bir Hüseynqulugildən bir gecəlik neft tapıb gətirə bilərsən?.. İndi kəndlinin qadın barəsində olan gözəllik idealı odur ki, arvadı, Hüseynqulugildən gələndə kişisini uzaqdan haraylayıb sevincək ona xəbər verə: – A kişi, şükür olsun Allaha, bu gecəlik neft tapmışam. Gözəllik, gözəllik – budur! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 mart 1926, №12 * * * Vəlvələ Mart ayının 16-da on səkkiz nəfər türk qadını mamalıq dərsini qurtarıb, mamalığa şəhadətnamə aldılar. Bu xüsusda həmən günün axşamı Əli Bayramov klubunda müsamirə qurulmuşdur. On səkkiz nəfər qadın camaatın alqışı ilə səhiyyə komissarlığı tərəfindən böyük bir iltifata nail oldular. Orada söylənən nitqlərdən yadımda qalanlar budur: Bu on səkkiz nəfər türk qadını Azərbaycanın qəzalarına dağılacaqlar və orada çox vəlvələ törədəcəklər. Bu vəlvələləri törədənlər kimlər olacaqdır: Əvvəla, küpəgirən qarılar. Səbəb budur ki, dəxi onların hiylələri işə keçməyəcək. Oxumuş elm təhsil etmiş mamanı qoyub, heç bir kəndli avam və nadan bir övrət xəlayiqini mamalığa çağırmayacaq. Bunun nəticəsində həmən qarıların qazancı əskiləcək. Onlar da acığa düşüb, başlayacaqlar dedi-qodunu. İkinci vəlvələ törədənlər: Mollalarla mömin məşədilər və hacılar olacaq. Onlar da təzə oxumuş, üzü açıq türk qadın mamaları görəndə deyəcəklər: Allah sizə lənət eləsin! Allah sizin toxumunuzu yer üzündən kəssin! Üçüncü vəlvələ törədənlər: Bir para qalifeli, bığıburma cavanlar olacaq. Bunlar da Bakıdan gəlmiş tər-təmiz, şəhərli oxumuş, dikdaban çəkməli (Bəlkə bir az da üz-gözü təmiz və qəşəng) türk qızını görən kimi başlayacaqlar xoruzlanmağa. Məlumdur ki, bunun da axırı istər həmən cavanlar üçün, istərsə qızlar üçün dərdsər olur. (Hələ bu da ötüşər). Ancaq dördüncü əngəl bir məsələdir ki, doğrudan da bunu bilmirəm, təcrübəsiz bu təzə qadın mamalarımızı necə yola verəcəklər. Sözüm idarə xidmətçiləri ilə necə rəftar etmək barəsindədir. Bunu bilmək lazımdır ki, mərkəz ilə qəzanın təfavütü çoxdur. Burada hər qədəmdə mama var, təbib də var, davaxana da var. İndi məsələn götürək qəzada gecənin bir vaxtında sığorta olmuş bir xidmətçinin hamilə övrətinin artıq yeməkdən qarnı ağrıdı. Mama da uzaq bir kənddədir. Yol yox, rahat bir fayton yox. Əgər getdi, gedib, burada dəxi özgə danışıq yoxdur. Amma getməsə də, bilmirəm axırı nə ola bilər. Allah cəmi yaranmışlarına hər bir çətin işlərdə tövfiq versin və bizim təzə təhsil etmiş türk cavan mamalarımıza da hər birinə belə çətin məsələlərin həllindən xilas olmaq yolunu asan və aşkar etsin. Yoxsa burada da vəlvələ törəyə bilər. Cırcırama “Molla Nəsrəddin”, mart 1926-cı il, №13 * * * Şadlıq xəbəri Hər dəm əz in baği bəri mirəsəd, Tazətər əz tazətəri mirəsəd. Həqiqət, qəzetləri mütaliə edəndə hərdən bir bəndəyə bir növ şadlıq üz verir. Bu da o vaxt vaqe olur ki, qəzetlərdə bir şadlıq xəbəri nəzərimə çata. Bugünkü şadlığıma səbəb ermənilərin baş ruhani rəisi fəzilətli katolikos həzrət alilərinin qəzetlərdə dərc olunan qərardadıdır (“Bakinski raboçi”, 73). Həmin qərardad mocibincə Bakıda yaşayan erməni əhalisinə həzrət katolikos tərəfindən elan olunur ki, ermənilər üçün builki pasxa bayramını aprel ayının dördündə və beşində saxlamaq fərzdir. Və hökumət idarələrində xidmətdə bulunan erməni əfradını həmin günləri xidmətdən azad etmək əvamiri-müəkkidə mənziləsində xəbər verilir. İndi burada bir neçə nöqtə var: Bizdən soruşan ola bilər ki, aya, bu məsələnin “Molla Nəsrəddin” aləminə nə dəxli var və həzrət katolikos hara, biz hara? Burada bizim üç cavabımız vardır. Birinci cavabımız budur ki, erməni əhalisinin müqəddəs katolikosu bizim üçün də müqəddəs bir ruhani rəisidir və məlumdur ki, cəmi ruhani pişva və böyüklərinə Molla Nəsrəddinin həm vəqt və həmə əsrlərdə ixlas və iradatı olubdur və olacaqdır da; istər müsəlmanların müctəhidi və şeyxülislamı olsun, istər yəhudilərin xaxamı, ya ermənilərin xəlifəsi olsun (bizim üçün bezrazliçnodur). İkinci cavabımız: bu qərardada şad olmağımıza ikinci səbəb budur ki, bir neçə ildir mən baxıb görürdüm ki, Bakıda yaşayan erməni əhalisi qarışıblar binəmaz müsəlmanlara və az qalıbdır ki, kilsə və məscidi yaddan çıxarsınlar; ibadət və riyazət əvəzinə, bu nədir? – klub, bu nədir? – kooperativ, bu nədir? – yığıncaqlar... Erməni müsəlmana qarışıb, müsəlman yəhudiyə... Nə məscid? Nə minbər? Nə kilsə? Və əgər bir az da belə getsə idi, vallahi və billahi, nə bu milləti o millətdən seçmək olacaq idi, nə də o milləti bu millətdən. Amma, şükür olsun Allaha, bir tərəfdən yoldan azan müsəlman qardaşları şeyxül-islam məscidə çəkir, digər tərəfdən erməniləri katolikos kilsəyə dəvət edir, habelə yəhudi və habelə gürcu, habelə sünnilər və habelə Əli şiələri. Üçüncu cavabımız budur ki, Oktyabr inqilabından bu yana həzrət katolikosun ismi-şərifləri bir yanda zikr olunmurdu və nəzərə belə gələ bilərdi ki, əhyana, xudanəkərdə, bəlkə xəlifə həzrətləri də bizim ruhani rəislərimiz kimi, kilsənin bir guşəsində, əlində təsbeh əyləşib baxıb görür ki, dəxi onun da vaxtı keçdi getdi. Bəli, qəzetdə müqəddəs katolikos həzrətlərinin hökmünü nəzərə alıb, qəlbimin dərin yerindən bir ah çəkdim və öz-özümə dedim: “Fəda olum sizə, ey millətlərin axirət gününün qeydinə qalan xəlifələr, imamlar, müctəhidlər, xaxamlar, şeyxül-islamlar və şeyx qənilər ki, hələ də nəfəsiniz vardır”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 aprel 1926, №14 * * * Şəfqət bacısı Oxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi. Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir. Doktor Vahabzadə və onun məiyyətində olan şəfqət bacısı Zəngilana varid olanda kəndlilər həkimin yanında naməhrəmi görəndə həkimdən soruşmuşdular ki, bu, kimdir? Cavab almışdılar ki, bu zənən şəfqət bacısıdır. Zəngilan çocuqlarının anaları da həkimin yanında bu şəfqət bacısını da görəndə dəxi də ürəkləri genəlir ki, Allaha şükür, nəinki çiçəklə mübarizə uçün Bakıdan tək bircə həkim göndərilib, hələ bəlkə bir şəfqət bacısı da gəlib ki, azarlı uşaqlara müalicə olunan zaman onların şəfa tapmağı yolunda bu da bir yandan əlindən gələn köməyi əsirgəməsin və bəlkə hələ anasız xəstə balalara analıq da eləsin. Xülaseyi-kəlam, özüm də oruc ağız oxucularımıza artıq dərd-sər verməyi lazım görmürəm, müxtəsərcə söyləyim ki, yüz əlli nəfər Zəngilan uşağı çiçəkdən qırılandan sonra bir də baxıb görür ki, həkim də və həmişə onun yanında dolanan şəfqət bacısı da bu yüz əlli uşağın qırılmağından heç xəbərdar da olmayıb, hər ikisi də oradan çıxıb qoyub gediblər. İndi Zəngilan camaatı ispalkoma deyir ki, siz şəfqət bacısının mənasını bizə bir cür təfsir etdiniz; amma biz kənd əhalisi o bacıdan bir şəfqət görmədik. İspalkom tərəfindən zəngilanlılara belə bir cavab verilibdir ki, doğrudur, sizin azarlı uşaqlarınız o bacıdan bir məhəbbət və şəfqət görmədilər; amma məna genə öz yerində baqidir. Çünki həmişə həkimin hüzurunda xidmətdə bulunan bir şəfqət bacısı, yəqin ki, bikar qalmır və yəqin ki, bir kəsə şəfqət göstərir. Bizim də sözümüz bu şəfqət lüğətinin təfsiri barəsindədir. Lağlağı “Molla Nəsrəddin”, 3 aprel 1926, №14 * * * Yollarımız Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir. Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin. Saniyən deyirsən ki, bir adam Naxçıvan şəhərindən Danabaş kəndinə səfər eləyə, o biri adam da Avropada olan Berlin şəhərindən Amerikanın Nyu-York şəhərinə səfər eləyə, bunların hansı tez yorular? Molla Nəsrəddin: qabaqkı sonrakından tez yorular; sonrakı da qabaqkından tez mənzilə gedib çatar. Salisən deyirsən ki, Gəncə qəzası Samux dairəsində olan çayların üstündə körpü yoxdur. Qabaqlarda Alpoutla Qarasaqqal arasında parom (kolas) var idi, indi o da yoxdur. Kəndlilər bu sulardan ulaq ya araba ilə keçməyə məcbur olurlar, ya da suyun daşqın vaxtında böyük bədbəxtliklər əmələ gəlir. Kəndliləri belə əziyyətdən qurtarmaq lazımdır. Molla Nəsrəddin: sən belə deyirsən, amma Hacı Molla Fətəli Axundunuz da hər gün məsciddə əsnayi-moizədə deyir ki, əsil müsəlman əziyyətdə gərək olsun. Rabiən deyirsən ki, Ağdam bazarına heç diqqət verən yoxdur. Yağış yağan zaman bura o qədər palçıq olur ki, Nəcəfül-əşrəf şəhərinin Üməra küçəsində müctəhidlərin yağış yağan günü hambalların dalına minməkləri yada düşür. Axırda da deyirsən ki, küçələrə daş və qum tökmək lazımdır. Molla Nəsrəddin: Ağdam kommunxozu sənin bu nəsihətinə çox təşəkkür edir; çünki bilmirdi ki, daş və qum tökmək lazımdır. Xamisən deyirsən ki, Cəbrayıl qəzasının Ariş kəndinə yol yoxdur və kəndlilər yol qayırmaq fikrinə düşüblər. Molla Nəsrəddin: heç Ariş kəndində məktəb yoxdur, halbuki, nə qədər məktəbli kəndlər var ki, yol olmadığına görə o məktəblərdən maarif idarəsinin heç xəbəri yoxdur. Və salisən (dəxi bundan artıq saymayacağam) deyirsən ki, Yevlaxla Ağdam arasında işləyən avtomobil sahibləri nə səbəbə gündə iki yüz manat qazanca iktifa etmirlər? Molla Nəsrəddin: o səbəbə ki, Yevlaxla Ağdam arasının çala-çökük şosasında saz bir avtomobil ancaq üç gün ömür edə bilər. Daha başağrısı verməyim. Lağlağı “Molla Nəsrəddin”, 10 aprel 1926, №15 * * * Münacat Ey yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan? And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər. Sən, əlbəttə, istəyirsən ki, sənə etiqad etsinlər, sənə ibadət etsinlər; amma bununla bərabər, öz varlığını heç bir şeylə büruzə vermək istəmirsən. Doğrudur, sənin böyük məmləkətində neçə-neçə vəzirlərin və ministrlərin var ki, çamaat arasında onlara peyğəmbər deyirlər; amma, vallah, onlar özləri sənin barəndə hərəsi müxtəlif bir söz demişdir və sənin vəzirlərin ümmətinə yetirdikləri qanunlar o qədər bir-birinə ziddir ki, heç bilmirsən, hansına inanasan. Məsələn, deyirlər sən rəhim və adil bir padşahsan; amma bir kəs tapılmayıb ki, ona bir müsibət əl verəndə, sən onun dadına yetişəsən: nə qədər çöllərdə və sahibsiz yerlərdə məzlumlara hədsiz zülmlər yetişibdir, amma heç bir kəs nişan verə bilməz ki, belə bir məzlumun fəryadını eşidib, onun dadına yetişəsən. Bunun üçün də çoxları sənin varlığına şəkk gətirmək istəyirlər. Neçə il bundan qabaq binamaz quldurlar “Altaran” dərəsində üç nəfər mömin və bigünah seyidə rast gəlib üçünü də öldürmüşdülər. Bəs, niyə qoydun? Niyə o quldurların əlini fori qurutmadın? Niyə o biri tərəfdən Kukəmər seyidləri gedib otrurlar yolun kənarında, hər bir binəva müsafiri soyub var-yoxunu alıb yola salırlar, hər kəs də üzə durub çox danışanda, vurub öldürürlər. Əgər bu işləri görürsən, niyə, bəs, dinmirsən? Əgər bacarmırsan və acizsən, bəs, niyə sənə “qadir” deyirlər? Bunlar hamısı keçəndən sonra axı bir de görüm hardasan? Yerdəmisən? Əgər yerdəsən, – yerin harasındasan? Əgər göydəsən, – göyün harasındasan? Əgər yerini məxfi saxlamaq istəyirsən – niyə? Bunun da səbəbini bilsək, nə eybi var? Bir surətdə ki, nə dinirsən, nə danışırsan, nə yerini-yurdunu bildirirsən, nə varlığından bir xəbər göndərirsən, nə cismsən, nə cövhər, nə ərəz – demək, nə yerdəsən, nə göydə, nə adilsən, nə zalım, nə böyüksən, nə kiçik, nə yaxşısan, nə pis – dəxi bir yolluq degilən: “İnsanlar, məndən əl götürünüz. Mən yoxam, yoxam, yoxam!”. Bircə bunu de, biz də səndən əl götürək. Dəxi nə biz səni narahat edək, nə də sən bizi tovla. Biz gedək kasıbçılığımıza, sən də get allahlığına. Dəli “Molla Nəsrəddin”, 10 aprel 1926, №15 * * * Böhtan Fevral ayının iyirmi altıncı axşamı iyirmi nəfər türk mamasının birinci buraxılışı münasibətilə “Əli Bayramov klubu”nda tərtib verilmiş müsamirədə, haman yeni türk mamaları tərəfindən verilən əhdü peymanlardan hazır olanların heç biri üçün şəkkü şübhə yeri qala bilməzdi ki, bu iyirmi nəfər türk maması canü dil ilə kəndlərə dağılıb, kəndli hamilə arvadlara növ-növ müsibətdən nicat verməkdə olacaqlar. Bununla bərabər axır vaxtlarda bir para şərirlər tərəfindən bir para böhtanlar intişar olunmaqdadır ki, guya bu iyirmi nəfər türk mamasının ancaq üç nəfəri kəndə getməyə hazırdır və qalan on yeddi nəfəri guya şəhərdə qalmağı kəndə getməkdən əlzəm bilirlər; yəni lap açığı: kəndə getmək istəmirlər. Mən bu sözə inanardım, amma yenə bir cəhətə görə inanmıram. O cəhətə inanmıram ki, indi baxıram, hər bir vicdan sahibi bunu görür ki, kənd əhalisi hər bir babətdən şəhərlilərə möhtacdırlar. Yaşadığımız əsrin bütün vicdanlı və hissli cavanları da öz rizalarilə kəndlərə dağılırlar ki, kəndli qardaşlarının əlindən yapışsınlar. Necə ki, indi görürük də “Kəndə doğru” şüarı buraxılandan bu tərəfə hər bir ixtisas sahibi kəndə doğru hücum etməkdədir: məsələn, aqranomlar, makınaçılar, müəllimlər, ələlxüsus cavan təbiblər (yaşasın), diş həkimləri, cürbəcür sənətkarlar və başqaları. Nəuzübillah, əgər mənim bu saydığım hizblər kəndə getmək istəməsə idilər və əgər mənim yazdığım bu sözlər yalan, ya zarafat babətindən yazılmış olsa idi (zarafat-zad yoxdur), onda söz yoxdur ki, türk mamaları da bunlara baxıb kəndə getməyə naz elərdilər. Amma xeyr! Bu yeni mamalarımız vicdanlı işçilərimizin nə həvəs ilə kəndə getməkdə olduqlarını görürlər və görməlidirlər də. Misal gətirək: keçən il bir məsul işçi yoldaşa qəzaya xidmət üçün getməyi təklif etdikdə həmin məsul işçi yoldaş üç gün ağlamışdı. Əlbəttə, bu yoldaşın göz yaşı kənd əhalisinə olan məhəbbətinin qəlizliyindən törəyibdir. Möhtərəm oxucularımıza bu bir neçə sətir ilə dərd-sər verməkdən məqsəd o bikar böhtançılara cavab verməkdir ki, əgər işləri yoxdur, özlərinə iş axtarsınlar və bizim təzə təhsil tapmış türk mamalarını başqalarının içində hörmət və qiymətdən salmasınlar. Zira ki, heç bir vicdan sahibi yeniyetmə cavan türk maması razı ola bilməz ki, onun barəsində danışsınlar ki, “kəndə gedib orada işləmək istəmir, şəhərdə qalmaq istəyir”. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 aprel 1926, №15 * * * Qatıq ağdırmı, qaradırmı? Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar. Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm. Mən onu deyirəm ki, bir tərəfə baxanda, bu Şura hökumətinə mənim lap yazığım gəlir. Məsələn, onun zaqranitsada bir neçə “rəqibi” vardır. Onlar qulaqlarını qırpıdıblar ki, görsünlər Şura hökuməti nə qayırır. Fikirləri də budur ki, Şura hökuməti hər nəyə qədəm qoysa, hər bir iş tutsa, onlar o işə bir qulp qondarsınlar, bir “kələk” tapsınlar, bir eyb çıxartsınlar. İstər yaxşı, istər pis, – onlar üçün təfavütü yoxdur. Şura hökuməti cəmi sərvətlilərin sərvətini alıb kəndli və əmələyə təqsim edibdir: bu pis işdir (mülkədarlar yazıqdır). Şura hökuməti Şərq qadınlarını adam cərgəsinə çıxartdı; bu da pisdir (naməhrəmçilik məsələsi var). İndi də Şura hökuməti elə bir vəziyyət yaradıbdır ki, cəmi yer üzünün türk-tatar qövmü imkan tapa bilirlər ki, bir yerə cəm olsunlar, birbirilə görüşsünlər və dərdlərini bir-birinə söyləsinlər. Halbuki, keçən vaxtlarda iki doğma qardaş küçədə bir-birilə danışan vaxt çar hökuməti məmuru gəlib bunları aralardı. Bəli, Bakıda çağrılan türkoloji qurultayı qurtardıqdan sonra, mən qəzetləri güdürdüm ki, görüm bu qurultay məsələsinə və yeni türk əlifbasına “rəqib”lər yenə də qulp qondaracaqlar. İndi də “Yeni fikir” qəzetində oxuyuram ki, İstambulda yaşayan bir neçə “vətəndaşlarımız” bu qurultay məsələsinə və yeni əlifbaya kəmiltifat nəzərlə baxırmışlar. Demək bu da belə. İndi mən bir şey üstündə mərc gələ bilərəm: Yer üzündə hər bir yerdə qatığın rəngi ağdır və hər bir millət də bunu deyir ki, qatığın rəngi ağdır. İndi məsələn, qatığın rəngindən bir yanda söhbət düşə və Şura hökumətindən sual edələr, bu da cavab verə ki, qatıq ağdır. Xəta elə burasındadır ki, Şura hökuməti də deyə qatıq ağdır. Güman edirəm o saat yenə qiyamət qopacaq, “rəqiblər” yenə işə düşəcəklər ki: – Vay dad, vay bidad, qatıq qara olduğu halda Şura hökuməti deyir ki, “qatıq ağdır”! Mən bunun üstündə mərc gələ bilərəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 aprel 1926, №16 * * * Siyasət Siyasət cürbəcürdür. Hər şeyin özünə görə siyasəti vardır. Bu siyasətlərin içində bir də ticarət siyasəti vardır. Hər kimin də özünə görə ticarət siyasəti vardır. Məsələn: Mərhum Molla Nəsrəddin əminin ticarət siyasəti belə idi: Yumurtanın beşini bir şahıya alıb, onunu bir şahıya satardı. Bu onun ticarət siyasəti idi. Arvadı da acıqlanıb deyəndə ki; – A kişi, malı zərərinə niyə satırsan? “Molla Nəsrəddin” əmi böyük bir qürurla cavab verərdi: – Sənin belə işlər ilə işin olmasın. Buna ticarət siyasəti deyirlər. Hər kimin öz ticarət siyasəti olduğu kimi, bizim “Baksoyuz”un da öz ticarət siyasəti vardır. Onun ticarət siyasəti isə öz üzvlərini hər bir maldan təmin etmək və onları xüsusi dükançıya tabe etməməkdir. “Baksoyuz” bunu gözəl bilir. Məsələn: Pasxa bayramı yaxınlaşır. Müştərilərin içində pakqəlbli xristiyan qardaşlar da yox deyildir. Onlar üçün Pasxa çörəyi hazırlamaq lazımdır ki, xüsusi dükançının yanına getməsinlər. Sonra başqa dinlərin də bayramında onlar üçün də istədikləri şeyləri hazır etməlidir ki, xüsusi dükançılara müraciət etməsinlər. Məsələn: Bəni isirail qövmü üçün (Matsu) adlanan ağ yayma. Məhəmməd ümməti üçün qurbanlıq qoyunlar və habelə. Mənim fikrimcə, hər dini bayram qabağı elanlar da vermək olar. Qurban bayramında: Cəmi müsəlman qardaşlara elan olunur ki, “Baksoyuz” dükanlarında “İnni vəcəhət” ilə kəsilmiş hazır qurbanlar vardır. Musa ümmətinin bayramında: Xaxamın öz əlilə yoğrulmuş külli miqdarda ağ (matsu) mövcuddur. Bir puddan artıq alanlara iyirmi faiz güzəşt edilir. Xristiyan bayramlarında: Hamı proslavni vətəndaşlara xəbər verilir ki, batuşkanın xüsusi sifarişi üzrə hazırlanmış hər cür Pasxa çörəyi satışa qoyulmuşdur. Dindar vətəndaşların bizi yaddan çıxarmayacağı şübhəsizdir. “Baksoyuz” üzvü “Molla Nəsrəddin”, aprel 1926-cı il, №16 * * * Xəstəxanaya Dağıstan mətbuatında bu axır vaxtlarda bir qəribə əhvalat üz vermişdir ki, onu biz də məcmuəmizdə qeyd etmək istəyirik. Necəki oxucularımıza məlumdur. Dağıstanda bir neçə ay bundan qabaq ərəb dilində “Bəyan ül həqayiq” adında bir məcmuə çıxmağa başlamışdır. Məcmuəni çıxardan altı nəfər Dağıstan üləmasıdır. Şüar və məsləkləri dünyanın mömin bəndələrini pak olan İslam dininə hidayət etməkdir. Keçən nömrələrimizdə bu barədə yazılmışdı. Ona görə mətləbə keçirik. Məzkur müqəddəs məcmuənin axır növrələrinin birində Dağıstanda maarif tərəfdarı bir hörmətli ədib bir belə məqalə dərc etmişdir: “Heyət və hikmətlə məşğul olmaq cayizmi, ya cayiz deyil?”. Bu sualın cavabında məqalə sahibi deyir: Heç də cayiz deyil. Səbəb də budur ki, bu beş günlük dünyada xəllaq ül-aləmə ibadət və sitayişdən savayi müsəlman üçün heç bir təklif yazılmayıbdır. Elmi-hikmət, elmi-heyət və sair ümumi-tərbiyyənin cəmisini əgər biz qərblilərə buraxaq, biz dünyanın nə sərvətini istəyirik, nə çiçəkli gülüstan və bustanlarını istəyirik. Bunlar hamısı qoy qərblilərə qalsın. Bizə ancaq ibadət və ibadət... “Dağıstan füqərası” qəzetəsi səkkiz apreldə çıxan nömrəsində belə rəvayət edir: “Elə ki, yuxarıdakı məqalə “Bəyan ül-həqayiq” məcmuəsində intişar tapdı, məqalə sahibini tanıyanlar xeyli təəccüb elədilər ki, maarif tərəfdarları olan bir ədib nə cür ola bilər ki, cahil axundlara uyub, bir belə müzəxrafat ilə özünü dostları arasında bədnam eləsin. Təəccüb burasıdır ki, məqalə sahibi özü Türkiyədə təhsil edib, hətta keçənlərdə Mustafa Kamalın inqilabını həmən “Dağıstan füqərası”nın keçən ilki nömrələrinin birində bu sözlər ilə alqışlamışdır: “Şükür Allaha olsun, yeni türklər əski və çürük adətlərə hücumda qayət böyük cəsarət göstərdilər. Bütün tikyələri qapayırlar, lüzumsuz əski mədrəsələri məhv edirlər. Lüzumsuz, müftəxor mollaları işdən kənar edirlər. Bütün sərvəti məktəb və maarifə sərf edirlər”. Axırda nə məlum olur? “Bəyan ül-həqayiq”də “heyət və hikmət lazım deyil” yazan biçarə məqalə sahibi əsəbi xəstəliyə mübtəla imiş və təbiblərin qərarına görə onu xəstəxanaya göndərirlər. Heyif! Biz yazıçıların bu da axır günü. Lağlağı “Molla Nəsrəddin”, aprel 1926-cı il, №16 * * * Kifayət deyil O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur. Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər. Sözlərimi heç kim nə səhl saysın, nə də zarafat. Bütün tətil etmiş idarələrdə qulluq edən müslimin və müslimat rəməzan şəraitini bilirlərmi? Bilirlərsə əməl edirlərmi? Bilmirlərsə, zəhmət çəkib Təzəpir məscidində axundlardan təlim alırlarmı? Heyhat!!! Madam ki, müsəlman qulluqçusu eydi-rəməzanda müsəlman olduğu üçün qulluqdan azad edilir, bizim əqidəmizcə, onları yalnız qulluqdan buraxmaq kifayət etməz. Bəlkə onlara bayram günü nə ilə məşğul olmağı və nə etməyi də öyrətməlidir. Çünki müsəlman olduğun üçun qulluqdan azad olursan – deməli, müsəlman kimi də rəftar etməlisən. Bu ilki rəməzan keçdi; biz ümid edirik ki, gələn il bu nöqsan aradan götürülər və rəməzan bayramı üçün lazımi idarələr tərəfindən müəyyən təlimnamə bəistilahi-rus instruksiya da “Ramazan-Bayramskaya instruksiya” çap olunar və xidmətdən azad olan cəmi müslimin və müslimat bilərlər ki, məsələn, bayram günü neçə rükət namaz qılsınlar, nə dualar oxusunlar. Rəməzan bayramını belə etmək lazımdır: Hər bir namazla, bayram duası ilə və başqa şərt-şürut ilə. Yoxsa tək idarəmizi bağlamaqdan bir şey çıxmaz. Həmçinin başqa dini bayramlarda da və hətta hamı dinlər üçün ayrı-ayrı təlimat çap eləmək olar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 aprel 1926, №17 * * * Ammalar Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi. Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri. Məsələn, yazırlar ki, Ermənistan cümhuriyyətində Vedibasar kəndində kooperativ çayxanası açılıbdır. Söz yox ki, bu xəbər xoş xəbərlərin biridir. “Amma”... burada bir “Amma” var. O da budur ki, həmin çayxanada qulluqçuların birinə bir stəkan çayı nisyə buraxırlar, o birisinə nisyə buraxmırlar. Bu surətdə ki, qulluqçular bu işdən böyük zəhmətə düşürlər. (Biçarələr!!!) (“Zəngi” qəzetəsi) Deyirlər ki, Ağstafa dairəsi “Poylu” kəndində yeddi yüz nəfər kəndli yaşayır. Fəqət... demək burada bir “Fəqət” var. O da budur ki, bu yekəlikdə kənddə heç bir kəs razı olmur ki, bir lazımı məsələ barəsində danışmaq üçün onun evinə yığışsınlar. Buna görə də kənd iclasları palçıqlı və tozlu küçələrdə baş tutur. (“Yeni Gəncə”) Yenə yazırlar ki, Ucar dairəsində qadınlar təşkilatında iyirmi beşdən artıq qadın nümayəndələri var. Amma... amma indiyə qədər qadınlar arasında bir iş görülməmişdir. (“Yeni fikir”, min altmış doqquz) Deyirlər ki, Eçmiyədzin qəzasının Hacı Bayram kəndində bir nəfər yaxşı molla var ki, adı molla Səfərəlidir və çox böyük kitablar oxuyubdur. Məsələn: “Gülüstan” kitabını ikinci babadək. “Cameyi-Abbasi” kitabını da əzbər bilir. Amma... amma bunun tək bircə eybi budur ki, arvadlara yalandan dua yazır ki, uşağı olsun və bir belə duaya on beş manat pul alır. (“Şərq qapısı”) Gəncədə təzə açılan çit fabrikasını Allah mübarək eləsin. O fabrikada bina olunan qəhvəxananın banilərinə Xudavəndi-aləm uzun ömür əta etsin. Amma... amma səd əfsus ki, fəhlələrə verilən xörəklərin içində hər cür həşərat ölüsü üzməkdə olur. (“Yeni Gəncə”) Ağdaş qəzası Qazıqumlaq kəndində küy birliyi təsis edilmişdir ki, oradan kəndlilərə kotan, buğda, taxta və qeyri-əşya verilir ki, sonra vaxtı-vaxtında qaytarsınlar. Amma... amma çətini burasındadır ki, kəndlilərin varlısı küy birliyinə borclu düşəndə bir tövr ilə borcunu tapıb qaytara bilir. Amma kasıbı borclu düşəndə bilmir haradan alıb, qaytarsın. (“Şəki fəhləsi”) Hamı bunu bilir ki, kəndlərdən şəhərə gəlib darülmüəllimində oxumaq ağıllı işdir. Amma... daxi Gəncəyə deməyiblər. Məsələn bir nəfər bədbəxt tələbə İbrahim Vəlizadə şəhərdən kooperativə mal aparan araba kəndə getdiyi yerdə “Buzdağ” da quldurlara rast gəlir və onlar ilə arabaçılar arasında vaqe olan atışmada İbrahim yaralanır və vəfat edir. (“Kommunist”) Başqa məmləkətlərdə olduğu kimi, Naxçıvan ölkəsində də cocuqlar yurdu var. Amma bu yurdda cocuqlara verilən tərbiyə o qədər müsbət nəticə vermir. Çünki uşaqların çoxu 29 yaşındadır. Bu uşaqlar eşitdikləri nəsihəti bu qulaqlarından alıb, o biri qulaqlarından çıxardırlar. (“Yeni fikir”, 1929) Lağlağı “Molla Nəsrəddin” 1 may 1926, №18 * * * Təlimi-doxtəran Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır. Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar? Dünyada həqiqət tək bircədir, şəriət də tək bircədir və pak olan islam məmləkətlərində yaşamaq üçün istər kişilər haqqında və istər arvadlar haqqında tək bircə şəriət yazılıbdır. Bizə göstərdiyi yoldan başqa bir yola azıb getmək olmaz. Habelə qızların təlim və tərbiyə məsələsi də. Çox təəccüb elədim ki, “Nisvani-Şərq” rəfiqimiz, guya “Şərq qadını”ndan dərs alıb başlamışdır ki, qızları dərsə qoymaq lazımdır ki, savad və elm əhli olsunlar... Çox təəccub, Pəhləvi kimi bir şəriət mədənində “ağayi-şəriətmədar”ın gözünün qabağında belə sözlər? Necə yəni qızlara dərs oxutmaq? Məgər sən dəlimi olubsan? Qurd ürəyimi yeyibsən? Çox təəccüb elədim. Yenə möhtərəm ruznamə yazır: “Nə qədər ki, biz islam ümməti qızlarımızı dörd divar arasında saxlayıb onları kor və kar böyüdürük, – bizə dünyada heç bir vəchlə bir yandan bir nicat olmayacaq”. Mərhəba Pəhləvi kimi bir məmləkətdə bu sözləri yazanın cürətinə! Əsil həqiqəti yazıçılıq və bəlkə mücahidlik budur; çünki yəqin bilirəm ki, belə bir küfr və nasəza söyləyəni tək bircə ağayi-filan vaizin təhriki ilə məscidə çəkib, orada bu məlun qələm sahibini səngsar elərlər. Amma, şükür olsun Allaha ki, ruznamə sahibi o qədər də xam deyil imiş ki, özünü vəhşi təbrizlilərə iyrətdirsin. Məqalənin axırında qoçaq gör nə yazır: “Və lakin qızlar qəvanini-məzhəbi heç bir vaxt unutmamalıdırlar və bu qanuna müvafiq yaşamağı özləri üçün səbəbi-səadət və nikbəxti hesab etməlidirlər...”. Şükür olsun Allaha ki, mən də nigarançılıqdan qurtardım. Yoxsa, xudanəkərdə, Pəhləvi kimi yerdə qız tərbiyəsi məsələsinə cürət edib əl vurmaq xatalar xatasıdır. Amma məzhəb nəsihəti ki, ortalığa gəldi, daha iş düzəlir. Bəlkə indi dəxi, inşallah, bir fəsad törəməyə. Mənim bunlarla işim yoxdur; mən tək bircə məsələnin həllində acizəm: aya görəsən, necə eləmək olar ki, dünya tərbiyəsi ilə məzhəb tərbiyəsi tuş getsin? Qız tərbiyəsi üçün məqalə sahibinin istinadgah qərar verdiyi Firəngistan əhli-qələmlərinin və mürəbbilərinin Firəngistan tərbiyəsi ilə “Şişgilan” ya “Dəvəçi” məhləsinin müqəddəs tərbiyəsini nə tövr bir yerdə sığışdırmaq olar? Bunu bilsə idim – yaxşı olardı. Dəli “Molla Nəsrəddin”, 1 may 1926, №18 * * * Tabut içində Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var? Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim: Bəs, bu meyiti niyə soyundurmamısınız və kəfənləməmisiniz? Cavab verdilər ki, bu ölü deyil, diridir. Dedim: Ay mömin qardaşlar, mənimlə zarafatı kənara qoyun və məni başa salın görüm, bu nə həngamədir və bu nə “Fokkus”-dur? Başıma bir çoxlu adam cəm oldu və başladılar məni məzəmmət eləməyə ki: Ay Allahın bəndəsi, sənin müsəlmançılıqdan heç xəbərin yox imiş. Dedim: Balam, bilmirəm mən dəli-divanə olmuşam ya sizin dilinizi və adətlərinizi bilmirəm. Xülasə, bir qədər də bu növ güftü-güdan sonra məlum oldu ki, tabutda yatan doğrudan ölü deyilmiş, diri imiş. Özü də Padar firqə özəyinin namizədi Şəkər Şirin oğlu imiş. Tabuta girib yatmağına da səbəb oruc olduğu imiş. Oruc ağız tabutda yatmağın da savabı çox imiş. Hamı camaat bir səs ilə bu cavanı alqışladılar və dedilər ki, Allah belə müsəlmanlara Kərbəla qismət eləsin. Ancaq camaat içindən “M. Narazı” adında bir cavan ortalığa çıxdı. Üzünü kəndlilərə tutub dedi: – Həya edin, ay müsəlmanlar və ar olsun sənə ay firqə namizədi. Mən bu saat götürüb “Şəki fəhləsi” qəzetinə yazaram və o da qoy 22 apreldə çıxan 23 nömrəli nüsxəsində çap etsin ki, bu kimi məsciddən çıxmayan, oruc tutub tabutda yatmağı özünə savab hesab edən firqə namizədini vaxtında firqədən kənar edib, məscidə göndərmək lazımdır, zənn edirəm. Mən də belə zənn edirəm. Lağlağı “Molla Nəsrəddin”, may 1926-cı il, №19 * * * Xəlifələr Hərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq. Buna da səbəblər var. Bu səbəblərin hamısını kənara qoyaq. Bircə bu kifayətdir ki, şahlara, soltan və krallara itaət etməyi Allah-taala cəmi kitablarında buyurubdur, habelə sultanlara və şahlara ağ olmağı həmişə günahi-kəbirə cümləsində yazıbdır. Və farsların qibləgahı sayılan Sədi də deyibdir deyibdir. Bir surətdə ki, ingilis kralı və onun vəzirləri qoşunlara əmr edirlər ki, əmələləri “ağıllandırmaq” yolunda top-tüfəngi müzayiqə etməsinlər (burada rəhmətlik Rusiya vəziri Plevenin “patron” fəqərəsi yadıma düşür). Bəli, deyəsən, sözüm yadımdan çıxdı. Hər eyb ki, sultan bepəsəndəd hünərəst. Hə, məqaləmizin başında da göstərdiyimiz kimi, burada bizim muradımız nə ingilis əmələləridir və nə ingilis kömürüdür. Çünki bu məsələ bir siyasi məsələdir və belə-belə söhbətlərə qarışmaq bizim vəzifəmizdən çox-çox uzaqdır. Allah da şahiddir və bəndə də görür ki, biz bir qoca molla babayıq, bizimki məsciddir, mənbərdir, şəriət və təriqədir, imam və müctəhiddir. Əgər durub ingilis aləmindən də danışsaq, gərək oradan elə bir mövzu götürək ki, məsləkimizə müvafiq gəlsin. Belə bir mövzuya bu vaxtadək rast gəlmədiyimiz üçün məqami-sükutda durmuşduq. Ta ki, bu günlərdə teleqraf xəbərlərinin birində oxuduq ki, həzrət İsa əleyhissəlam Londonda əyləşən xəlifəsi ingilis kralına ərz edibdir ki, əmələlərin tətili məsələsində ruhanilər tərəfindən hökumətə hər bir müsaidət lazım olsa, müzayiqə olmayacaqdır. Demək, ingilis zəhmətkeşlərinin tətili məsələsində xəlifə həzrətləri hökumətin tərəfini saxlayır. Məqsəd bunu göstərməkdir ki, dünyaya hər nə qədər padşah gəlibgedibsə, bu padşahların əsrində nə qədər ruhani xəlifələri gəlib-gedibsə, bu padşahlar və xəlifələr zəhmətkeşləri, rəiyyəti əzmək yolunda həmişə əlbir və dilbir olublar. Bizim məqsədimiz həmin bu həqiqəti qeyd etməkdir: dünyada həmişə güclülərlə güclülər müttəfiq olublar. Bizim təklifimiz də bu həqiqəti burada səbt etməkdir: Muradi-ma nəsihət bud, göftim. Bu, bizim təklifimiz. Qaldı, hükəmanın təklifi bu həqiqəti zaxiqədən keçirib buradan bir nəticə çıxartmaqdadır. Yəqin ki, onlar da belə deyəcəklər: “Ay dünyanın zəhmətkeşləri! İndi ki, güclülər sizi ayaqlamaq üçün birbirilə əlbir olurlar, sizin də bircə çarəniz birləşmək və birləşib onlara qarşı çıxmaqdır”. Yəqin ki, hükəma da belə deyəcək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 may 1926, №20 * * * Çox eşitməli xəbərlər Aşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır: “Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar. İmza: 45 nəfər Mirzə Ələkbər ağanın müridi. Molla Nəsrəddin əmi də bir molla olmaq və mollaların dostu sifətinlə öz tərəfindən bir belə təklif edir: Şayəd-bəlkə Krasnovodski kimi bir böyük şəhərə tək bir nəfər molla azlıq elədi. Belə olduqda Krasnovodskidə yaşayan iranlıların əminürröəyası yenə məcbur olacaq “Zəhmət” qəzetəsi idarəsinə təzə bir molla soraqlaşsın. Bu əziyyətə meydan buraxmamaq üçün biz öz tərəfimizdən layiqli mollaların yerini və ünvanını burada nişan veririk ta ki, Krasnovodskinin diplomat həzrətləri artıq bir zəhmətə düçar olmasın. Biz iki “Dənə” çox mötəbər molla yeri bilirik: Birincisi Qazax şəhərində Kosalar kəndinin müəllimi axund Mirə Hüseyn İrəvanski. “Yeni fikir” qəzetəsi 1086-cı nömrəsində yazır ki, bu müəllim cənabları doğrudur adını yazmaqda mətəldir, amma Tehranda darülfünun qurtarıb, özü də altmış beş yaşında olduğu halda Zəhra adında bir küpəgirən qarıya iki yüz manat verirmiş ki, ona bir qız tapsın. İkinci layiqli bir molla və eyni zamanda müəllimin xəbərini bizə verən “Dağıstan füqərası” qəzetəsidir. Bu da 18-ci nömrəsində yazır ki, Dağıstanda “Xub” kəndinin müəllimi Şeyx Əhməd Mahmudzadə günlərin bir günü “Cəxit” kəndinə gedir. Şagirdlərinə deyir ki, orada bir vacib işim var. Biçarə məktəb cocuqları da güman edirlər ki, əlbət müəllim əfəndi gedib oradan məktəb üçün dəftər, qələm və qeyri-ləvazimat alıb gətirsin. Bir də görürlər ki, Şeyx Əhməd evində arvadı ola-ola atın tərkinə ikici bir arvad mindirib, gətiribdir”. Allah belə fazil müəllimləri biz pak və nəcib İslam ümmətinə çox görməsin. Və Krasnovodski qulağı tüklülərinə tövsiyə edirik ki, fürsəti əldən buraxmasınlar və bacarsalar bunların ikisini də özləri üçün dəvət etsinlər. İşdir, bacarmasalar, birini özləri aparsınlar, birini də Bakıda təbrizlilər məscidi üçün saxlasınlar. Dəli “Molla Nəsrəddin” 22 may 1926, №21 * * * Dirsək bilər Mənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar. Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram. Haman çətin məsələnin adı dirsək məsələsidir. Nədir dirsək? Lüğətdə dirsək – qolun iti sümüyünə deyirlər. Bu sümüyü xudavəndi-təbarəkü taala insanlara ondan ötrü verib ki, məişət mübarizəsində dirsəklə özlərinə yol açsınlar və bu dirsək müxtəlif insanlarda müxtəlif itilikdə olur: bəzilərinin dirsəyi iti olur, bəzilərinin dirsəyi kort olur. O ki dirsəyi kortlardır, onları mən tapşırıram misli və manəndi olmayan cənab Allaha ki, onlara rəhmi gəlsin; ancaq mənim sözüm dirsəkləri itilər ilədir. Hə, indi nə fərmayiş edirsən? Qənaət? – başım və gözüm üstə. Mən dəxi bundan sonra övrətlərim üçün atlas parçalar dalınca düşmərəm, baldızlarımı avtomobildə sağa və sola çapırtmaram və axşamdan-səhərə kimi musiqi dəstəsini bal qonaqlığında məşğul edib baha qiymətlərə dəyən ziyafət içkilərini, baha qiymətlərə başa gələn ləziz nemətləri əyyaşlar qabağına düzüb min-min manatları sağa və sola səpələmərəm. Və dəxi bundan sonra hamıdan qabağa düşüb min fənd-fel işlədib, əhli-xanəm ilə məxmər vaqonlara minib kurort yaylaqlarında ali mənzillər işğal etmərəm və kişi kimi söz verirəm ki, bunların heç birini eləmərəm. Və bir saatlığa tutaq ki, bu işləri tərk etdim, onda, bəs, dirsəyi mənə Allah-taala nədən ötrü veribdir? Ondan ötrü veribdir ki, azarlılara macal verməyib, hamıdan qabaq özümə dirsəyim ilə yol açım və hamıdan qabaq öz sağlam bədənimi Kislovodsk yaylaqlarının sərin sularına yetirim. Bu dirsəyi mənə xudavəndi-aləm ondan ötrü kəramət edib ki, növbəyə duran fəqir-füqəranı dirsəkləyib özümü yetirim qabağa və bu dünyanın nazü-nemətinə sahib olum və qənaət söhbəti də düşəndə yenə dirsəyimin gücü ilə bir elə gözəl-gözəl sözlər danışım və elə gözəl-gözəl sözlər yazım və elə hesablar verim ki, hamı desin: bu adam nə həqirdir, nə şikəstənəfsdir! Bunların hamısını dirsək bilər. Və əgər duram öz növbəmi gözləyəm, əgər Şura hökuməti çıxartdığı qənaət qərardadlarına duram düzlüklə əməl edəm, onda gərək nə övrətim başdan-ayağa qumaş paltar içində gəzə və nə də hər il Kislovodsk yaylağına gedəm (çünki mən xəstə deyiləm). Onda, bəs, bu dirsəyi mənə pərvərdigari-aləm nədən ötrü veribdir?! Molla Nəsrəddin “Molla Nəsrəddin”; 5 iyun 1926, №23 * * * Dost Mən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir. Birinci qismi dünya sübutlarıdır. İkinci qismi də axirət sübutlarıdır. Dünya sübutları bundan ibarətdir ki, İngiltərə hökuməti həmişə çalışmaqdadır ki, müsəlmanların qulağı dinc olsun və heç bir yandan bunlara bir azar-bezar toxunmasın. Bunun üçün də İngiltərə hökuməti həmişə və hər bir yanda islam tayfalarını himayə etməkdədir ki, bir yandan bunlara bir afət və bəla yavıq düşməsin; İranı, Əfqanı, Misri və sair bunlar kimi müqəddəs məmləkətləri əlinə keçirib qorumaqdadır ki, məbadə-məbadə başqa mərdümazar bir tayfa gəlib bu behiştliklərə cövrü cəfa yetirsin. Məhz bu səbəbədir ki, İngiltərə hökuməti 1922-ci ildə Misrə verdiyi istiqlaliyyəti geri almaq fikrindədir. Və buna görə Türkiyədən də Mosulu tutub alır ki, bu başı bəlalı neftin səbəbinə qeyri bir adam hücum çəkib Türkiyənin başını ağrıtmasın. Həmçinin İran, Hindistan, İraq və qeyriləri. Bu, dünya sübutları. Keçək axirət işlərinə. İngiltərə hökuməti uzaqdan baxıb görür ki, onun səmimi dostu olan Türkiyə hökuməti xilafəti aralıqdan bilmərrə göturub çölə tulladı. Belə olanda bunun dalısı da pis ola bilər; çünki bu gün deyərsən mənə xəlifə lazım deyil, sabah deyərsən, nəuzübillah, peyğəmbər də lazım deyil və ondan sonra səndən hər nə desən çıxar; şimaldakı qonşularına baxıb deyərsən ki, dilim qurusun, hə, deyərsən ki, Allah da lazım deyil. Onda, bəs, bir de gorüm allahsız da yaşamaq olarmı? Əlbəttə olmaz (?!) Yenə buna görə də İngiltərənin təhriki ilə misirlilər, iraqlılar, hindlilər Qahirə şəhərində müsəlmanlara xəlifə nəsb və təyin etmək istəyirlər ki, bəlkə, beləliklə, müsəlmanlar xəlifəni inkar etmək kimi məsiyətdən xilas olub Allah-taala yanına üzü qara getməsinlər. Bunlar hamısı dostluq deyil, bəs, nədir? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 iyun 1926, №24 * * * Lotuluq Dünən küçədə bir lotu gördüm: səkidə oturub xalqı güldürüb deyirdi: – Hə, qurban bayramı da yavıqlaşdı. Siz öləsiniz, bir yaxşı toğlu almışam, bir neçə butulka Kaxet çaxırı hazırlamışam, qurban bayramının günü üç-dörd nəfər dostlarımdan qonaq çağırmışam. Bayram günü kababı düzəcəyəm şişlərə, çaxırı qoyacağam buza və qabaqca İbrahim Xəlil peyğəmbərin atası Azərə rəhmət oxuyacağam, sonra İbrahim Xəlilin özünə rəhmət oxuyacağam və kababı yeyib, üstündən şərabı içib, çıxacağam küçəyə və dişlərimi qurtdalaya-qurtdalaya rast gəldiyim müsəlman qardaşlara bildirəcəyəm ki, baxın, bu gün mən qurban bayramı saxlamışam. Halbuki bu özü bir lotuluqdur. Hərçənd bu bir lotuluqdur, amma heç kim mənə bir söz deyə bilməyəcək və məzəmmət edə bilməyəcək; səbəb də budur ki, məndən savayı qeyriləri də belə bayram saxlayır; hacı və məşədilər də belə eləyir və mollaların özü də belə eləyir. Uşaqlar küçədə bu lotunun başına doluşmuşdular və gülüşürdülər. Lotu yenə danışmağa başladı: – Məhərrəmlik ibadətimiz də bircə lotuluqdan ibarətdir; hər kəsin gözaltısı var və görür ki, onun gözaltısı camaat içindədir, – xəncəri bərk vurur ki, aşnasının nəzərində özünü igid göstərsin. Hətta mərsiyəxanların da məhərrəmlikdə “göz-qaş” bazlığı olur. Məsələn, mənim bir xalam var. Həmişə molla Əbdülhəsən moizə edən vaxt xalam, labüddür ki, məscidə getsin. Bir gün getdim məscidə və adamların içində gizləndim ki, xalam görməsin; istəyirdim xalamın fəndini duyam. Baxdım ki, molla Əbdülhəsənlə göz-qaş eləyir. Sonra evə gələndə bilmədi ki, onun fəndini duymuşam; başladı molla Əbdülhəsəni tərifləməyə. Mən dedim: – Xala, “o söz”... Burada xalam elə hirsləndi ki, tamam mənimlə bir ay danışmadı. Lotunun həmin sözünə küçə uşaqları gülə-gülə dağıldılar. Demək, bu ibadətlər hamısı lotuluqdur. Dəli “Molla Nəsrəddin”, 12 iyun 1926, №24 * * * “Kəndli evi” birinci qonaqlarını necə qəbul etdi? Aprelin 28-də Bakıda təntənəli bir surətdə mərkəzi kəndli evi açıldı. Bu evin açılması üçün Torpaq komissarlığı iki ildən çoxdur ki, çalışır. Ev üç mərtəbədən ibarətdir. İki il çalışıb-vuruşduqdan sonra, ancaq bir mərtəbəsi hazır ola bilmişdir. Sözümüz burasında deyil. Evin açılışı qəzetələrdə kəndlilərə xəbər verildi. Həmçinin kəndli evi nə olduğu, kəndlilərə nə kimi yardım edəcəyi barədə qəzetələrdə kəndlilərə dəfələrlə yazılmışdı. Ona görə bu evə kəndli qonaqlarının gəlməsini gözləmək lazım idi. Yəqin ki, Torpaq komissarlığı özü də bu evi açanda bilirdi ki, bu xəbər qəzalara çatanda kəndlilər gəlib buraya düşəcələr. Buna görə onları qəbul etmək və rahatlandırmaq üçün lazımi tədbirlər və binagüzarlıqlar olunmuşdu. Fəqət bu günlərdə təəssüf ediləcək bir əhvalata şahid olduq. Qazax qəzası Tovuz dairəsinin Hacı Allı kənd nümayəndələri Məmmədtağı Şəfi oğlu və Sadıq Əskər oğlu kənd yerlərinin azlığı barədə danışmaq üçün Bakıya göndərilmişlər. Əllərinə 207 nömrəli kənd şurası tərəfindən şəhadətnamə verilmişdir. Özlərinə tapşırılmışdır ki, “Bakıda hökumət tərəfindən kəndli evi açılmışdır. Gedib oraya düşərsiniz ki, xərc az olsun”. Bunlar da maşından düşən kimi xurcunları dallarında, axtaraaxtara gəlib kəndli evini tapırlar. Fəqət evin müdiri bunların qabağını kəsir ki, içəri girmək olmaz. Siz bitli-sirkəlisinz. Siz gərək həmi özünüzü qüsl edəsiniz, həmi də paltarınız qüsl oluna. Ancaq bizim də nə hamamımız hazırdır, nə də paltarı qüsl edən maşınımız. Bu dəfə gedin ayrı yerdə yatın. Gələn dəfə gələndə qəbul edərik. Kəndlilər nə qədər dad-fəryad edirlərsə, bir şey çıxmır. Axırı kəndlilər yalvarırlar ki, heç olmasa bizi “Kəndli” qəzetəsinin idarəsinə buraxın. Orada işimiz var. Buraxırlar və kəndlilər gəlib dərdlərini söyləyirlər. “Kəndli” qəzetəsinin işçiləri də hər yana telefon edirlərsə, bir şey çıxmır. Axırı kəndlilər xurcunlarını da götürüb, çıxıb gedirlər. Belə bir əhvalat da Şəmkir qəzasından gəlmiş kəndli nümayəndələri ilə olmuşdur. İndi biz kəndlilərə üzümüzü tutub deyirik: Aya, rəvadırmı ki, onlar bilə-bilə ki, Bakıda onlar üçün səliqəli, pakizə kəndli evi qurulubdur ki, Bakıya gələn kəndlilər orada rahat olsunlar. Aya, rəvadırmı ki, kəndlilər bunu qəzetələrdə oxuya-oxuya və bunu bilə-bilə yenə Bakıya gələndə bitli-sirkəli gələlər? Aya, nə bir çətin şeydir ki, kəndlilər Bakıya gələndə kəndlərində qabaqca bir yaxşıca hamama gedələr və tumən-köynəklərini dəyişələr. Mümkün olsa çarığı-xurcunu tullayıb, bir dəst dəyişik çamadana qoyub pak və pakizə surətdə Bakıya gələlər. Biz təəccüb edirik ki, kəndli qardaşları niyə öz təkliflərini başa düşməsinlər və kəndli evinin müdirinə bu qədər başağrısı versinlər. Heyif və yenə heyif! Ümid edirik ki, bundan sonra belə-belə səhv işləri kəndli qardaşlar səhv tutmayacaqlar. Lağlağı “Molla Nəsrəddin”, iyun 1926-cı il, №24 * * * Xəbərdarlıq Biz, aşağıda qol qoyan Qarabağ müslümələri eşidirik ki, bir neçə laməzhəbi-müsəlman qardaş başlayıblar mömin müsəlman camaatını inandırmağa ki, nəüzbillah, bu məhərrəmlik təziyəsində ağ köynək olub baş yarmaq və küçələrdə dəstə tutub “Şaxsey” getmək lüzumsuz bir işdir. Hələ bir neçə güya oxumuş cavanlar tarixə də əl uzadırlar və deyirlər ki, min üç yüz il bundan əqdəm ərəblərin qəbilə sərkərdələri biri-biri ilə “Portfel” üstə savaşıb, dalaşırmışlar. Axırda biri ölüb, biri öldürübdür. O əhvalatdan min üç yüz il keçəndən sonra biz axmaq türk tayfası bambılı kimi özümüzü ortalığa atıb, öz əlimizlə öz başımızı yaralayırıq. Öz yumruğumuzla öz sinəmizi tapdalayırıq ki, nə var, nə var, nə bilim filan faxtda filan və filan ölübdür. Bu cür yoldan azanlara biz bir neçə Qarabağ müslüməsi indidən xəbər veririk ki, əvvəla, heç bir kəs bundan sonra namərbud sözləri danışmasın. Çünki hər bir Əli şiyəsi gərək öz təklifini anlasın və bunu bilsin ki, o məzlumi-Kərbəla bilə-bilə özünü şəhid etdi ki, onun ümməti onun yolunda bir qətrə gözyaşı tökməklə axirətdə özləri üçün nicati-cavidaniyə nail olsunlar. Şaxsey getmək və ağ köynək olub, küçələrdə baş yarmaq və qan tökmək və Qasım otağı bəzəmək məsələsinə gəldikdə bunların hamısı Allah-taala Qurani-şərifində fərz buyurubdur. Hərçənd bizim savadımız yoxdur, ancaq İrandan təzə gələn bir yaxşı vaiz dünən deyirdi ki, baş yarmaq və seyidüşşühəda yolunda bədənə riyazət yetirmək Qurani-Kərimdə yazılıbdır. Buna görə də biz aşağıda adları yazılan bir neçə nəfər qarabağlı arvad indidən xəbər veririk ki, keçənilki kimi bu il məhərrəmlikdə kimlər eləməsələr də, biz arvadlar şaxseyə də gedəcəyik, Qasım otağı da bəzəyəcəyik və hətta çox acığa düşsək baş da yaracayıq. İmzalar: Mərsiyəxan: Qəmər Dəyənək: Ümmigülsüm Dabanıçatdaq Zəhra Həyasız Pəri Dirsək Şəhribanu Mərəkə Püstə və Baldır Zeynəb. Bu altı nəfər arvadın mirzəsi: Lağlağı “Molla Nəsrəddin” 19 iyun 1926, №15 * * * Din əleyhinə təbliğat Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum. Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər. Yoldaş Şirvanskinin sözünün qüvvətinə mən də bir məruzədə bulunmaq istəyirəm: Bir gün İsa əleyhüssəlamla Məhəmmədəl-Mustafa səlləllahü əleyh küçədə rast gəlirlər. Görüşüb xoş-beşdən sonra İsa Ruhullah həzrətləri xatəmul-ənbiyaya ərz edirlər ki, xudavəndi-aləm sənin islam ümmətini gör nə qədər mehriban xəlq edib ki, seyyidüş-şühədanın şəhadəti yolunda öz əlləri ilə öz başlarını yarıb bu qədər qanlar hədərə axıdırlar. Bunun cavabında həzrət rəsulillah İsa peyğəmbərə belə fərmayiş edirlər: – Ya Ruhullah, ey atasından xəbəri olmayan və üç yüz milyon xristian tayfasının Allahı hesab olunan İsa qardaş! Doğrudur, mənim müsəlmanlarım min üç yüz ilin müddətində imam yolunda özlərini hər il qanla qəltan eləməkdən usanmırlar; amma bu baş yaranlar məhz avam, nadan məşədi və kərbəlayılardır; bunların içində tək bircə oxumuş yoxdur. Amma sənin xristian camaatına gəldikdə, baxıb görürəm ki, iyirminci əsrdə, yəni şura əsrinin Suri-İsrafili çalındığı bir gündə, sənin xristianlarının cəmi maarif müəssisələri, qəzet idarələri və çox-çox qeyri idarələr sənin “Voznesenye” adlanan “merac” bayramında qapılarını bağlayıb tətil saxlayırlar. Xidmətdən azad olan qalstuk və kraxmallı oxumuş kişilər və qadınlar kilsələrə doluşub sənə ibadət edirlər. Ravi rəvayət edir ki, burada Yusif Nəccarın oğlu İsa peyğəmbər xəcalətindən başını aşağı salıb, bir cavab verməyə aciz qaldı. Dəli “Molla Nəsrəddin” 19 iyun 1926, №25 * * * Pasport “get-gəli” İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz. Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil. Qəzetdə yazılıb ki, Azərneft idarəsi İran fəhlələrinin pasportlarını alıb, pasport əvəzi olaraq fəhlələrə özgə bir şəhadətnamə veribdir. Amma Bakı milis idarəsi həmin şəhadətnamələri hesaba qoymur və deyir ki, gərək əsil pasportlarınızı nişan verəsiniz. Qəzet yazır ki, bunun nəticəsində İran fəhlələri get-gələ düşüb, bir gün yox, çox günlərini itirirlər. Mənə qalsa, bu məsələni dördüncü səhifədən götürüb, birinci səhifəyə keçirdərəm və buna da səbəb: iranlıların pasport məsələsi tək bircə Azərneft idarəsi ilə qurtarmır. Pasport müsibətini iranlılar Azərneftdən başqa yenə bir neçə böyük idarənin astanasında çəkməkdədirlər. Bu idarələrin birinin adı İran konsulxanasıdır, ikincisinin də adı pasport məsələsi ilə əlaqədar olan qeyri idarələrdir. Məsələyə mən ondan ötrü əhəmiyyət verirəm ki, söhbət iranlı fəhlələr barəsində deyil, bulvar kənarındakılardadır və həmin bizim mömin və müqəddəs iranlı “yoldaşlarımız” – necə ki, məlumdur – hər il məcburdurlar ki, pasport əziyyətlərinə qatlaşıb ətəbati-aliyat ziyarətinə müşərrəf olsunlar və ağamın altı guşəli qəbrini ağuşlarına basıb, özləri üçün nicati-cavidani ələ gətirsinlər. İranın, Ərəbistanın müqəddəs torpağını ayaqlayıb əsnai-müsafirətdə, söz yox, oranın da mömin və behiştlik əhalisinə rast gəldikdə, Şura məmləkətlərinin övzaından söhbət açacaqlar və o vaxt, əlbəttə ki, başları pasport daşına dəymiş iranlılar, Şura torpağında zəhmətkeşlərə Oktyabr inqilabından çatan cəmi nemətləri unudub, buraların övzaından yenə şikayətçi olacaqlar. Onun üçün bu məsələni ən əhəmiyyətli sanıb, mən onu birinci səhifədə yazdım. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 iyun 1926, №26 * * * Ölüm axtaran Qoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur. Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr. Bunu da demək lazımdır ki, hörmətli müəllimin əlində bir neçə çox mötəbər dairələrdən vəsiqə və etibarnamələr də vardır. Bakı maarif şöbəsində cavab verirlər ki, “get, mayın birində gəl”. Bir neçə ay gözləyəndən sonra mayın birində gedir. Mayın birində də müəllimə Bakı maarif şöbəsi cavab verir ki, “get, iyunun birində gəl”. Bir ay da gözləyir, iyunun birində gedir. – Hə, indi nə deyirsiniz? Gəlmişəm. İndi də Bakı maarif şöbəsi cavab verir ki, “çocuğun çox kiçikdir, apar saxla, beş yaşı tamam olanda gətir; bizim qanunumuz belədir”. Xub. Möhtərəm müəllimimiz Manafzadə Əlağa yenə baş idarələrin birinə müraciət edib əhvalatı söyləyir. Bu dəfə də vəsatət kağızını Bakı Səhiyyə şəbəsinə aparır ki, uşağını orada uşaq evinə qəbul edələr. Burada cavab verirlər ki, Bakı səhiyyə şöbəsinin qanunlarının məzmununa binaən buraya götürülən uşağın yaşı gərək üçdən artıq olmaya. Demək, burada da müəllim yoldaşın işi tutmadı; çünki onun oğlunun yaşı 3 yarımdır. İndi axırıncı əlac qalıbdır: axırıncı dəfə Manafzadə qadınlar şöbəsi müdirəsi naminə bir mötəbər yerdən vəsatətnamə aparır. – Xub, çocuğun neçə yaşı var? – 3 yaş yarım. – Xub, anası var? – Xeyr, vəfat edib. – Çox əcəb, bəs, siz onun nəyisiniz? – Mən onun atasıyam. – Bəs, belə? Belə olan surətdə təəssüf olsun ki, sizin çocuğu darüləczəyə biz qəbul edə bilməriz. Səbəb budur ki, buraya biz ancaq yetim, yəni ata və anası olmayanları qəbul edirik, nəinki atası olan yetimləri. Ravi belə rəvayət edir ki, qoca müəllim qadınlar şöbəsinə belə bir təklif edib: – Aya, mən ölsəm, söz verirsiniz ki, uşağımı qəbul edəsiniz? Bu suala nə cavab aldığını ravi unudubdur. Təəccüb yeri yoxdur: ola bilər ki, insanın başına elə bir iş gələ ki, bir asan ölüm axtara. Dəli “Molla Nəsrəddin”, 3 iyul 1926, №27 * * * Zəlzələ Mirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur. “Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir. Behər hal, necə olmuş olsa, yenə deyirəm ki, bu saat İran torpağında bu Ərdəbil zəlzələsi bir böyük danışıqlara səbəb olubdur. Əhvalat bu qərar ilədir. Zilqədənin səlxində ağayi-Mirzə Ələkbər ağa Ərdəbilə varid olur və Ərdəbil camaatı ağanın mübarək ayaqlarının altına dörd yüz qurban kəsir. Hətta bir nəfər məşədi Məcid nam gözü sürməli oğlunu yerə yıxır və bıçağı çıxarıb qurban kəsmək istəyir. Bu vaxtda ağa görür ki, çocuq bir lətif və qaragöz oğlandır. Tez nərə çəkir ki, “Əl saxla! Kəsmə. Çünki Allah-taala bu dəmdə mənə xəbər verdi ki, sənin qurbanın qəbul olundu”. Ağanın bu sözünün cavabında Xəlilülla Sani gözü sürməli oğlunu aparır öz əli ilə qoyur Mirzə Ələkbər ağanın qucağına və burada, yəni zilqədənin 29-da, saat doqquz yarımda, yəni nisfünnahara iki saat yarım qalmış bir böyük zəlzələ vaqe olur. Camaat filfövr Mirzə Ələkbər ağanın damının üstünə cəm olub, müsəllaya dururlar və əl Qazi ül-hacata qalxızıb Bari təbarək və taaladan yerin və göyün bəlasının uzaqlaşmasını istixasə edirlər. Mirzə Ələkbər ağa uca bir daş üstə cüud edib, camaata xitabən belə bir nitq söyləməyə başlayır: Ey mənim müridim, Hacı Rəisüs-sadat, mən, sənə hökm edirəm ki, bu saat Xudavəndi-aləmin mənə bu dəqiqə vəhy olunduğu hökmü əmələ gətirəsən. Bir neçə ay idi ki, mən İngiltərə hökumətinin ayda mənə verdiyi beş yüz tümən məvacibin köməkliyi ilə Ətəbati-aliyyatı ziyarət etməyə müşərrəf olmuşdum. İndi qayıdıb, gəlib nələr görürəm. Dəllək dükanları açıq, övrətlərin başmaqları dabanlı və hətta bir-iki kənddə məktəb söhbəti qulağıma çatır. Vaveyla, va şəriəta! Ağanın həmin mövizəsinin nəticəsində həmən gün cəmi dəllək dükanları da və həmən iki dənə məktəb də qapandı və övrətlərin başmaqlarının dabanlarını qopardıb, dabansız elədilər. Bu da sənə İranın siyasi məsələsi. Dəli “Molla Nəsrəddin” 10 iyul 1926, №28 * * * Başbilet tapmacası Bax! Belə başlayaq: İranlılara verilən başbiletlər beş qismdir: Dərəcəyi-pəncüm – yoxsullar üçün, yarım manat. Dərəcəyi – çəharüm – fəhlələr üçün, səkkiz manat. Dərəcəyi-sevvüm – kəsəbələr üçün, on üç manat yarım. Dərəcəyi-dovvüm – tacirlər üçün, 25 manat. Bu belə. İndi birisi gedə məsələn bir zənzanlı çörəkçisindən soruşa ki, başbiletin varmı? Deyəcək var. Soruşacaqsan ki, başbiletinə neçə vermisən? Deyəcək ki, səkkiz manat yarım. Amma başbileti alıb baxırsan ki, orada pulun qədəri yazılmayıb. Ancaq yazılıbdır: Dərəcəyi-pəncüm. Məlum şeydir ki, başbilet idarəsində bu zənzanlının başbileti beşinci dərəcəli yarım manatlıq hesabına yazıblar. Girəm ki, başbilet sahibindən səkkiz manat yarım alıblar. Hər kəs bu tapmacanı başa düşmək istəsə, getsin bilet podratçılarından soruşsun ki, ibarət olsunlar üç nəfər şəxsdən. Birinin adı Mir Həbibdir, ikincisinin ismi-şərifi Mirzə Əlidir və üçüncüsünün adı Mirzə Əlinin atası Əhəddir. Bunların adresi: Ya konsulxananın başbilet idarəsindədir, ya da Dumun qabağındakı başbilet idarəsində dolanırlar. Hər kəs bu tapmacanı tapıb “Molla Nəsrəddin” idarəsinə məlum etsə, zənzanlıdan alınan səkkiz manat artıq pulundan yarım manat Əncüməni-Xeyriyyəyə çıxandan sonra qalan pulun üç manat 75 qəpeyini adları zikr olunan üç nəfər başbilet podratçılarına göndərərik. Üç manat 75 qəpeyini başbilet şöbələrinin müdir həzrətlərinə göndərərik. Hər nə qalsa, o da sənin halal malındır. Cırcırama “Molla Nəsrəddin”, 17 iyul 1926, №29 * * * Fəxr etməli Bakıdan Tiflisə tərəf gedirdim. Axşam saat yeddidə vaqona minib yola düşdük. Hacıqabula yavuqlaşdıqda konduktorlar təşvişə düşməyə başladılar. Birisi vaqonun o başında durdu, birisi bu başında durdu. Birisi pəncərələri örtməyə başladı. Bir az keçəndən sonra kontrolyor gəldi. Bütün dəmir yol qulluqçuları bir yerə toplanıb, öz aralarında nə isə danışırdılar. Pəncərələrin örtülməyinə biz müsafirlər etiraz etmək istədik. Çünki hava isti idi. Nəfəs çəkmək mümkün deyildi. Bizim bu şikayətimizin müqabilində dəmir yol baş məmuru bizə bildirdi ki, indi dəmir yol çox xətərnak və qorxulu bir torpağa varid olacaqdır. Yolun bu qorxulu hissəsi Biləcərdən başlayıb gedir çıxır Qarayazı stansiyasınadək. Biz qabaqca elə xəyal etdik ki, bəlkə Hacıqabul yanında böyük körpülər var və pəncərələri qapanması bu körpülərin mühafizəsi nöqteyi-nəzərindəndir. Yenə bir para müsafirlər də elə, güman edirmişlər ki, bəlkə buralarda quldurların dəmir yol qatarına bir hücumu, ya başqa bir şey gözlənir. Axırda iş açıldı. Mövsuslu mövqifində səs düşdü ki, oğrular vaqonun bacasından uzun çəngəl uzadıb, bir xanımın paltosunu çəkib aparıblar. Kürdəmirdə səs düşdü ki, oradakılardan bir neçə nəfər müsafir adı ilə vaqona girib, bir müsafirin dolu zənbilini oğurlayıblar. Yenə bir miniyin çamodanını aparıblar. Bu işləri görəndə, mən və yoldaşlarım ehtiyata düşdük və şeylərimizi yanımıza yığıb, üstündə oturduq və özümüzə söz verdik ki, yatmayaq. Ucar stansiyasında gördük bir neçə papaqlı çöldən boylanıb, vaqonun içərisinə baxırlar. Mən şüşənin dalından bunlara ucadan dedim ki, heç zəhmət çəkməyin. Çünki biz şeylərimizin üstündə oturmuşuq. Şeylərimizi aparmaq istəsəniz, gərək bizi də aparasınız. Bunlar kor-peşman bizdən uzaqlaşdılar. Yevlaxda mən düşdüm. Çünki Qarabağa gedəcək idim. Sonra xəbərdar oldum ki, Qarayazıyadək həmin qatardan dörd yerdə şey aparıblar. Dəli Məmmədlidə, Gəncədə, Zəyəmdə və Ağstafada. Mən bunu eşidəndə bir təhər oldum. Ancaq bilmədim ki, sevinirəmmi, ya acığım tutur, ya təəccüb edirəm? Sonra gördüm ki, bunların heç birisi deyil. Mən bu işlərə həqiqətən fəxr etməyə başladım. Buna da səbəb budur ki, hər kəs gərək bu işdə ad çıxartsın. Baxıb gördüm ki, Hacıqabuldan başlamış Ağstafayadək yerli əhali mənim millətimdəndir. Madam ki, dəmir yol qatarı bu xoşbəxt torpağa daxil olanda cəmi dəmir yol məmurları və cəmi müsafirlər təşvişə düşməyə başlayırlar ki, aya nə bir tədbir töksünlər ki, xalqın əşyası vaqondan oğurlanmasın. Əlbəttə, bu qədər müsafiri və bu qədər məmuru təşvişə salanlar bizim üçün bir mayəyi-iftixar olmalıdır. Allah şahiddir ki, buna mən özüm həmişə fəxr edirəm və hər bir fürsət vaxtı öz-özümə deyirəm. Yaşasın millətimin belə qeyrətkeşləri! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 iyul 1926, №30 * * * Əvvəl şəhərdə, sonra kənddə Həmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır. Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır. Həmçinin qənaət üsulu da. Bu üsulu qabaqca şəhərdə ixtira etdilər. Belə ki, məmləkətin sərvətini artırmaq qəsdi ilə cəmi idarə və müəssisələrin izafə xərclərini əskiltdirir. Pambıq əkinçilərinin birinci pambıq behi (avansı) yazda verilmişdi. İkinci avans da şərtə görə gərək iyun ayında veriləydi ki, kəndlilər bu pula “Alaq” etdirəydilər. Bu gün-sabah gözlədilər, pul gəlib çıxmadı. Ərizələr və teleqraflar çəkildi. Əvvəl Azərbaycan pambıq şöbəsinə, Azərbaycan şöbəsi, də “ZAQ pambığa” yəni bə istilah türk- Zaqafqaz pambıq idarəsinə “ZAQ pambıq” da “Qlavpambığa”, yəni və istilah dehqanan (yaxud xalis türkcə dəhatin). Baş pambıq idarəsinə. Xülasə, axırı yaxşılıqla qurtaran, hər şeyi kimi avans məsələsində çox gözəl nəticə bağışladı. Belə ki, minlərcə müntəzir əkinçinin gözləri gözləməkdən saralandan sonra Baş pambıq idarəsindən teleqraf gəldi ki, qənaət üsulunun bərəkətindən nəqd pul buraxmaq mümkün deyil. Ancaq nəqd pul əvəzinə əkinçilərə puldan başqa hər nə verilsə, Baş pambıq idarəsi tərəfindən bir mümaniət yoxdur. Buraxılmaq üçün əldə, ambarların dibində köhnə “Lintr” pambığından və köhnə acı undan başqa bir şey yoxdur. O da əkinçilərə lazım ola, ya olmaya, bunu biz aciz bəndələrə bilmək o qədər də asan deyil. Bu da sənə kəndlərdə istemal olunan bir cür “Qənaət” üsulu. Cırcırama “Molla Nəsrəddin”, 31 iyul 1926, №31, səh. 3 * * * Bilet satılmasın Dəmir yol dünyasında bu bir qaydadır ki, vaqonlar minik ilə dolu olanda, qabaqdakı kiçik stansiyalara xəbər verilir ki, bilet satılmasın; çünki vaqonlarda yer yoxdur. Dəxi burada bir giley-güzarlıq ola bilməz; məsələn, vaqonlar Tiflisdən yola düşüb miniklə ləbaləb dolu olanda, dəxi Gəncə və Yevlaxda, ya başqa bir stansiyada nə tövr bilet satmaq olar? Adam adamın üstünə ki, minə bilməz! Buna görə sənin bu barədəki şikayətin yersizdir. Axır bir fikir elə gör, sən nə danışırsan? Sən deyirsən ki, Gəncə şəhəri Azərbaycanın ikinçi paytaxtı mənziləsində bir böyük şəhərdir və hər bir gəncəlinin ixtiyarı var ki, bir tərəfə dəmir yol ilə getmək istəyəndə, gəlib Gəncə vaqzalında bilet satın ala bilsin. Sən deyirsən ki, Yevlax stansiyası Azərbaycanın göbəyidir və Yevlaxdan Ağdam, Şuşa, Nuxa, Tərtər, Bərdə və qeyri bu qisim əhəmiyyətli nöqtələrə damarlar ayrılır. Bununla belə Yevlaxdan Bakıya və Tiflisə gedən bir müsafir yaz və payız qabağı bu Yevlaxa bilet ala biləcəyini heç ümid etməz; çünki Tiflisdən hər gün vaqon çıxanda yaylaqdan qayıdan camaat və yaylağa gedən camaatın çoxluğundan vaqonlar elə dolu olur ki, Gəncədən, Yevlaxdan minik götürmək olmur. Yevlağa cəm olan binəva müsafirlər də neçə günlərlə çirkli çayxanada yatıb qalmağa möhtac olurlar. Tutalım ki, sənin bu sözün hesabıdır və sözünü eləcə burada qurtarsaydın, mən də sənə bir söz deməzdim. Ancaq iş burasındadır ki, sən mətləbi uzadırsan və mənim də bundan xoşum gəlmir. Sən deyirsən ki, Yevlax və Gəncə stansiyaları Azərbaycan cümhuriyyətinin mərkəzidir. Mənə borc deyil ki, Tiflisdən bu tərəfə dəmir yol hərəkət edəndə miniklə dolu olur. Mənə lazımdır ki, mənim Yevlax və Gəncə nöqtələrimdən keçən dəmir yolunda mənim üçün yer olsun və mənim üçün bu yer ya lazımi yerində mülahizə olunub saxlansın, ya Yevlaxda və Gəncədə yaradılsın; necə ki, bütün böyük nöqtələrdə yerli əhali üçün nəinki əlahiddə vaqonlar qoşulur, hələ bəlkə əlahiddə qatarlar təyin olunur. Bax, burası müşərrəf olur və mənim də xoşuma gəlmir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 avqust 1926, №33 * * * Yandım-yaxıldım Dedilər: Kəndlərdə mal azarı var. Bunu gördüm. Amma deyirdilər: Bu azarın dalına düşüb, qovalıyan mal həkimləri də var. Vallah bunu mən görmədim. * * * Deyirdilər: Azərbaycanın bu başından başlamış o başına kimi kəndlilərin malı qırılmaqdadır. Bunu gördüm. Amma o ki, deyirdilər: Mərkəzdən kəndlərə mal həkimləri göndərilib, dava-dərman göndərilib, feldşerlər göndərilib və pul göndərilib. Vallah, görmədim. Varmışsa da, hər yana getdim, soruşdum, bir sorağ verən olmadı. Biri deyirdi: Eləcə bu saat qabağından getdi. O biri dedi: Eləcə bu saat qabağından getdi. Ancaq mən görmədim. Deyirdilər ki, mal həkimləri mallara iynə vururlar ki, daxi azarlamasınlar. Bunu gördüm və eşitdim. Ancaq o yerlərdə ki, mallara iynə vurulub, o yerdə ki, gözləmək olardı ki, mal azarı daxi yox olsun, yainki azalsın. Vallah, bunu görmədim. * * * Bir də eşitmişəm ki, bir yanda ki, mal xəstəliyi ittifaq düşdü. Həmən xəstə malı lazımdır öldürmək. Dərin xəndək qazmaq və elə quylamaq ki, o heyvandan bir qoxu və əsər qalmasın. Beləliklə, özgə mala bu azar daxi toxunmasın. Ancaq bu yay fəsli mən dağları, daşları gəzdim, dolandım və hər qədəmdə və hər kənddə və hər obada gördüm ki, burada-orada eləcə azarlı maldar ki, yıxılıb ölür. Tək bircə dəfə də ittifaq düşmədi ki, bu xəstə mal cəmdəyini quyluyub, puç edələr ki, qeyri-salamat mallar gəlib bunu qoxulamasınlar. Yandım-yaxıldım, görmədim. Ancan hərdən quluğıma çatırdı ki, filan kəndin mallarına iynə vuruldu və iynə vurulan mallardan ölən də oldu, qalan da qaldı və bala salan da oldu. Amma o qədər ki, “Çuma” deyilən azarının dalına düşmək və onunla mübarizə aparmağa kitablarda yazırlar. Elə bu bir mübarizəni və mübarizə edəni mən üç ay yayın müddətində görmədim. Yandım-yaxıldım, görmədim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, sentyabr 1926-cı il, №37 * * * Nə dəxli var? Aptek müdiri Biri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir. Bu belə. Amma o biri müxbir yazır ki, aptek müdirinin uşaqları hər gün minmək üçün iki at kirayə eləyir. Biri üç manatdan ikisi altı manata ki, ayda eləsin yüz həştad manat. Xab, atın davaya nə dəxli var? Üçüncü müxbir də yazır ki, Şuşa aptekxanasının müdirinə hər dəfə qonaq gələndə, o günün sabahısı bir yeşik Borcom suyunun və bir yeşik də Narzan suyunun yolda sınmağına rəsmi akt bağlanar. Akt bağlanandan sonra iki yeşik boş butulkaya bazardan müştəri axtararlar. Müştərilər də bu şüşələrin birinə beş qəpeyk verib, alırlar və aparıb turşsu doldururlar və onlar da, beləliklə, özlərinə ticarət yolu tapırlar. Amma vaqiən Qarabağın da bu türşsuyu çox ləzzətli sudur. Bu il turşsuya da çox adam gəlmişdi. Hətta Molla Nəsrəddin əmi özü də orda idi. Pəh-bəh! Maşaallah məqalə yazan! Gör haradan başladı, harada qurtardı. Əvvəl aptekxananın davasından başladı, keçdi minik atlara, müdirin qonaqlarına, sonra da boş butulkalara. Axırda da molla əminin turşsuya gəlməyinə. Yəqin ki, məqalə sahibinin bir sözü var deməyə. Amma açıq deyə bilmir. Cırcırama “Molla Nəsrəddin”, sentyabr 1926-cı il, №37 * * * Xala xətrin qalmasın! İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin. Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi. İndiyədək görən olmayıb ki, türk qəzetlərində qabaq səhifələrin birində yeni türk əlifbasilə bir məqalə çap olunsun. Bunun səbəbi var; bəlkə də hələ iki səbəbi var. Ümdə səbəbi budur ki, qəzet yazanlar, baş səhifədə əhəmiyyətli mətalibi yazırlar və bu mətalibi yeni əlifba ilə yazmamaqda qorxurlar ki, türk oxucuları yeni hürufatı oxuya bilməsin, ya da çətin oxusun: onunçün də bir dəfə də ittifaq düşməyib ki, ərəb hürufatilə çıxan bir türk qəzetində baş məqalə yeni əlifba ilə getsin. Və hər bir mətalib ki, onun az-çox əhəmiyyəti var, onu ərəb hürufatı ilə yazırlar, ancaq xırım-xırda xəbərlərlə bir-iki sütun “xala, xətrin qalmasın” başından doldurub, adını qoyurlar ki, “bəli, biz də yeni türk əlifbasına xidmət etdik”. Yox, belə olmaz. Gəl sözü açıq açığına danışaq və əyri oturub, düz danışaq. Əvvəlan budur ki, aya görək sənin bu yeni türk əlifbasına etiqadın var, ya yox? Əgər yoxdur, bu bir başqa məsələdir; yoxsa, qardaş sən çox yaxşı bilirsən ki, bir kəs qəzeti əlinə alanda, əvvəl-qabaq fikrini qabaq səhifələrə verir və istəyir başdan oxusun. Əgər düz adamsan, niyə bu yazıq təzə qonağımızı dal evdə oturdursan, niyə onu aparıb dal səhifələrə tullayırsan və əgər sən onunla kəmiltifat deyilsən, niyə onu qabaq səhifədə hərdən bir də olsa oxucuların nəzərinə çəkmirsən? Hə, di cavab ver görüm?!.. Sən öləsən yapışmışam, yapışmışam yaxandan, əl çəkməyəcəyəm! Ya sən də mənim kimi hərdən bir yeni türk əlifbasını qabaq səhifəyə çıxart, ya yaxandan əl götürməyəcəyəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 sentyabr 1926, №38 * * * Din söhbətləri Mən – müsəlmanam. Va müsəlman olduğum üçün həmişə öz islam dinimizi özgə dinlərdən ali və bərhəq hesab edirəm. Və indiyə kimi nə qədər ki, yer üzünə mənimtək qələm sahibi müsəlman gəlibdir – onların hamısı yeri düşəndə həmişə pak olan islam dinini qeyri dinlərdən əfzəl tutublar (və yəqin ki, əfzəldir də). Amma bu yavuq zamanda bir qəribə kitaba rast gəldim: bizim müqəddəs hesab olunan iranlı həmşərilərimizdən ağayi Mirzə Hüseyn Tuti həzrətləri “İran-şəhr” məcəlləsinin bir yerində “Dəyanət və İran” sərlövhəli bir məqaləsində yer üzündə olan dinlərdən söhbət açıb vətəndaşlarının qədim zərdüşti dini barəsində belə yazır: yazır ki, “Bir nəfər ingilis əhli-qələmi deyir ki, hal-hazırda yer üzündə sitayiş olunan ayinlərdən tək bircə zərdüşti dinidir ki, indiki ülum və fünun ilə onun ziddiyyəti və beynunəti yoxdur”. Məqalə sahibi özü də bunu deyir ki, “bəli, səhihdir və məhz bu dinin bərəkətindəndir ki, islam dininin himayəsi sayəsində bizim fars məmləkəti, bizim fars dilimiz, bizim novruzumuz və hətta axır çərşənbə atəşbazlığımız indiyədək baqi və bərqərar qaldılar” (amma nimeyi-şəbanın atəşbazlığını, deyəsən, unudub). * * * Hərçənd məqaləsinin bir yerində ağayi Mirzə Hüseyn cənabları öz pak və müqəddəs islam dinini də dinlərin bərgüzidələrindən hesab edir; ancaq mən həqiri heyrətə gətirən bircə nöqtədir ki, aya, səbəb nə olub ki, məqalə sahibi birdən-birə, nagəhan, oturduğu yerdə və heç bir kəs ondan soruşmadığı bir halda, atəşpərəst dinini vətəndaşların nəzərinə çəkir? Hə, burada mən barmağımı dişlədim və agah oldum: bu söhbətlərin cümləsi – İran azərbaycanlılarının qulağını qızışdırmaqdır: yəni – ey azərbaycanlılar, siz gərək fəxr edəsiniz ki, Tehran hökuməti Azərbaycan məmurlarının cəmini farslaşdırır, ta əyalətdən başlamış müdirimaarifə və qeyrilərinədək və siz fəxr ediniz ki, Azərbaycanın türk dilini Təbriz idarələrində qədəğən ediblər; o səbəbə gərək fəxr edəsiniz ki, fars millətinin Zərdüşt kimi tarixi bir yadigarı var... Azərbaycan tayfası ağayi-Tutinin nəsihətini təşəkkürlə qəbul edərdilər; bu şərtlə ki, barı o ali olan Zərdüşt ayinindən atəşbazidən başqa qeyri bir əlamət də qalmış olaydı; məsələn, Tehran hakimlərinin içində “Əhrimən”lərin cümləsində gahdanbir “Hürmüzd”ə də nişan verən olaydı... Amma bədbəxtanə, hamı gördü gəlirimiz “Əhrimən”lərdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 sentyabr 1926, №39 * * * İngilis mədəniyyəti Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular. Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi: – Mən o ölənlərə o qədər təəssüf etmirəm. Ancaq vətənimizin gələcəyi barəsində mənim qəlbim çox qaralır və böyük naümidlik mənim üçün hasil olur. Dedim: – Necə? Dedi: – Bu məhərrəmlikdə şəhid olmaq fəqərəsi qorxuram ildən-ilə tərəqqi edə və belə getsə ingilislər Kitayı oda tutan kimi Təbrizi də od vurub yandıra bilərlər... * * * Məlum ki, zahirdə bu iki fəqərənin bir-birinə o qədər rəbti yoxdur və ravi cənablarının bu dərəcədə bədbinliyini biz yersiz hesab etdik; zira ki, imam yolunda şəhid olmaq məsələsinin Kitayda ingilis siyasətinə nə dəxli var? Təbrizli yoldaşın sonrakı bəyanatından anlaşıldı ki, o nə demək istəyir. Möhtərəm müsafirimiz mənə tərəf əyildi və qulağıma məhrəmanə surətdə belə dedi: – Bu iyirmi üç nəfər baş yarıb ölən təbrizlilərin qanına bais çox böyük miqdarda ingilis pulları olubdur. Bu pulları ingilis xəzinəsindən qəbul edən və bu pulların həvəsinə ağköynək dəstələrinə qüvvət verən–müəyyən ruhanilərdir. Bu qədər pulları şühəda yolunda sərf etməkdə ingilisin məqsədi budur ki, müsəlmanların cəhalətini və həmaqətini intihayə yetirəndən sonra, yavaş-yavaş İranı sahiblənməyə əl qatsınlar və, Mirzə Melkümxan deyən kimi, hər bir kəs buna etiraz etsə, cavab versinlər ki, “biz gəlmişik Şərqin qaranlığını dağıdaq və yerinə Avropa mədəniyyətini qondaraq”. Amma bu sözlərin heç biri mənim beynimə batmır: əgər hacı ingilislər məhərrəmlik büsatına rövnəq vermək babətindən pullar xərcləyirlər, bundan gərək anlaşıla ki, bu kişilərin qəlbində aləmi-zərrdən, imam məhəbbəti var və haman imam məhəbbəti də bu mömin bəndələri çəkdi gətirdi Ətəbati-aliyata sahib qıldı. Heç dəxli var? Həm imam yolunda pullar ehsan ödəyəsən, həm də müsəlmanlar səndən bədgüman olalar? Bu ingilis tayfasının heç bəxti yox imiş. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 oktyabr 1926, №40 * * * Gözəl millət Həmin bu gözəl millət – bizim müsəlmandır. O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin. * * * – Ay qız Leyla, bu gün getmişdik qəbirsanlığa: bir xanım başına bir çoxlu arvad yığıb aparmışdı qəbir üstə ki, orada əri Ağa Dadaşın sümüklərini və qızı Ziba xanımın sümüklərini çıxarsın aparsın Kərbəlaya. * * * Dünyada nə qədər ki, Əli şiəsi var, – onların hamısı ölənlərinin qoxumuş bədənini meşoka qoyub ata yükləyirlər və aparırlar Kərbəlaya. Mollalar qara camaatı inandırıblar ki, insan bu dünyada nə qədər pis əməl tutsa, onu cəhənnəmə aparmazlar, bu şərtnən ki, onun mübarək sümükləri Kərbəlaya müşərrəf olalar. * * * Müsəlman milləti çox ağıllı millətdir; çünki bu millətdən başqa, heç bir özgə millət behiştin yolunu tapa bilmir. Tutaq ki, avropalılar teleqraf, telefon və radio icad edirlər, amma zamani ki, onlar behiştin yolunu tapa bilmirlər, dəxi onlar nə cürə müsəlmanlardan ağıllı ola bilərlər? Əlbəttə, ola bilməzlər. Bir millət ki, ölüsünün qoxumuş sümüklərini Kərbəlaya aparmaqnan onu behiştə göndərmiş hesab edir, belə millətin başına daş düşsün! Bir millət ki, başını yarmaqnan behişti satın almaq istəyir, belə millətin başına daş düşsün! Bir millət ki, işini-peşəsini buraxıb, bic-vələdəzzina mollaların dalına düşüb onlardan behişt açarı umurlar, belə millətin başına daş düşsün! * * * Yaşasın cavanlar! Yox olsun behişt axtaran qocalar! Yüksəlsin vətənin maarifi! O qədər yüksəlsin ki, bunun nüfuzu sayəsində ölünü Kərbəlaya aparanlar da məhv olsun! Baş yaranlar da yox olsun və cəmi xərə-mömin behişt axtaranlar da, onların cəhənnəmi də və behişti də yox olsun! Bircə dənə dünyada bilik qalsın, elm qalsın, maarif qalsın! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 oktyabr 1926, №41 * * * Lüğət Axır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür. Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz. * * * Necə ki, lüğət dairəsində, habelə məişətdə də biz türk şeytanları ilə əcnəbi millətlərinin şeytanlığı arasında gərək təfavüt ola. Qeyriləri bilmirəm, bizim aramızda olan “Provakatsiya” dan bir belə nümunə gətirə bilərəm. Bakı şəhəri, Aziyatski küçədə, 106 nömrəli evdə yaşayan müəllim Həmid Həbibzadənin Xırdalan müəllimi ilə qərəzi var və ona sataşmaq istəyir və yalandan götürüb, “Molla Nəsrəddin”ə yazır ki, həmən Xırdalan müəllimi bir sinifin dərsi qədər dərs vermədiyi halda, iki sinifın məvacibini alır. Elə ki, mətləb açılır və Xırdalan müəllimi barəsində yazılan böhtan üzə düşür, gözünə döndüyüm hərif Həbibzadə dübarə “Molla Nəsrəddin” idarəsinə bir belə təshih yazıb göndərir: Yazır ki, guya “Məcmuəmiz səhv eləyib və Xorazan kənd müəllimi yazıb”. Halbuki cənabın qabaqkı məktubuna diqqət etdikdə, görürük ki, orada aşkar Xırdalan kənd müəllimi yazılıb, bunun bir o qədər eybi yoxdur. Oxucularımız bu yazıları oxuyub, hər bir kəs mətləbdən agah olar. Ancaq Bakı maarif şöbəsi Həmid Həbibzadə kimi müəllimləri gərək o qədər də dost tutmaya. Çünki biz bildiyimizə görə məktəblərin proqramında şeytanat dərsi gərək olmaya. Cırcırama “Molla Nəsrəddin”, 9 oktyabr 1926-cı il, №41 * * * Təfavütü yoxdur Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah. * * * Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə. Hələ nəinki kooperativlər, sair hökumət müəssisələri də bu haldadır; məsələn, götürək qəzet və jurnal idarələrinin qəza vəkillərini. Axırıncı idarəmizə çatan məlumata görə, qəzet və jurnalların qəzalarda satılan pullarının, yaxud qəzalarda toplanan abunə pullarının ancaq dörddə bir hissəsi qəzet və jurnal idarəsinə gəlib çıxır, qalan üç hissəsi qəzalarda tələf olub gedir. Yenə idarəmizə çatan axırıncı statistik hesabına görə, dəmir sandıqlardan ikiayaqlı siçan tərəfindən bir ilin müddətində oğurlanan pulları əgər bir yerə cəm edəsən, o pulların miqdarı o yerə çatar ki, bu qədər məbləğə iki milyon üç yüz min Əli şiəsi Kərbəla ziyarətinə gedib qayıdar və hətta öz yanlarınca bu qədər də mömin mərhumların cənazəsini mübarək torpağa aparıb tapşırar. * * * Amma mən deyirəm ki, bu işlərin heç bir təfavütü yoxdur və axırda hesab bir çıxar. Məsələn, açıq danışaq: mən deyirəm ki, bu qədər pulu yeyən yenə millətdir. Nə təfavüt elər, sən kooperativi kimdən ötrü bina edirsən? Sənin müəssisən kimə xidmət edir? Əlbəttə, millətə. Bəs, bu pulları yeyən kimdir? Əlbəttə, millətdir. Molla Nəsrəddinin qəzalarda nisyələrini saxlayan və min dəfə yalvarırıq da heç cavab da verməyən, hələ bəlkə öz könlündə bizdən inciyən kimdir? Əlbəttə, millətimizin faxir əfradıdır. Belə olan surətdə nə təfavüt elər, Molla pulu idarəmizə gəldi, ya Gəncədə, Ağdamda və Bərdədə, ya Maştağada qaldı. İdarəmizə gəlsə də, millətə çatacaq, qəzada qalsa da millətdə qalacaq. Habelə kooperativlər. Əgər oradan mal oğurlanırsa, oğurlayan da özü, bəs, kimdir? – Millətdir. Əgər o mal ki, oğurlanır, oğurlanmasa kimə qalacaq? – Millətə. Bəs, dəxi kimdən inciyirsən? Bəs, kimdən giley eləyirsən? Bəs, dəxi sözün nədir? Və bir də qardaşım, bunlar hamısı Allah məsləhətidir, Allah; Allah varsa, bunlar hamısı onun işidir, dəxi nə danışırsan? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 oktyabr 1926, №42 * * * O elə – bu belə ! Rəbbiyəl-əvvəl ayının on ikisində bütün Ərdəbil camaatı, oğuluşaqlı, qoca və cavan Bərna və Piriətəbatdan təşrif gətirən Mirzə Ələkbər ağanın pişvazına çıxıblar. Və haman rəbbiyəl-əvvəl ayının on ikisində Amerikada, Ərdəbil böyüklükdə Samson adlı bir şəhərdə on altı min tələbənin üç ədəd müxtəlif darülfünunlara getməyini bir əkkas kağıza götürübdür. * * * Rəbbiyəl-əvvəlin on ikisində Ərdəbil şəhərində bir nəfər Əli şiəsi, ziyarətdən təşrif gətirən Ərdəbil lotusu axund Mirzə Ələkbər ağanın ayağı altında qurban kəsmiş və haman rəbbiyəl-əvvəlin on ikisində Almaniyada, Allahsızlar cəmiyyətində məşhur professor Quntabe fənni dəlillərlə sübuta yetirirmiş ki, insanların İsa, Musa və Məhəmməd dalicə düşməkləri və Allahı axtarmaqları məhz haman insanların nadanlığından törəyir. * * * Rəbbiyəl-əvvəl ayının on ikisində Ərdəbil şəhərinin əmmaməli juliki Axund Mirzə Ələkbər ağa seyyidi-şühədanın ziyarətindən təşrif gətirdiyi günü Ərdəbil möminləri tərəfindən axıdılan gözyaşları çeşmə kimi cari olurdu və rəbbiyəl-əvvəlin haman on ikisində bütün yer üzündə yaşayan insanlar Ərdəbil camaatının bu növ ağlamağın radio vasitəsilə eşidəndən sonra, bircə bunu başa düşə bilməyiblər ki, ərdəbillilər aya Mirzə Ələkbər ağanın vüruduna şad olmaq babətindən ağlayırlar, yainki o məlunun gəlməyini özləri üçün bir bədbəxtlik hesab edirlər. * * * Bu sözlərin hamısını yazandan sonra, mən papağımı qabağıma qoyub bir qədər fikrə getdim və ağlıma belə gəldi: axır, bu qədər oyunbazlığı ki, Ərdəbil fazili Mirzə Ələkbər ağa Ərdəbil axmaqlarının başına gətirir, axır vaqeən bunun axırı pis ola bilər. Və bu fikri mən bu gün yoldaşlarımın birinə söylədim. Yoldaşım sual etdi ki, “aya nə ola bilər?”. Dedim: – Vallah, axırı pis ola bilər. Dedi: – Axır nə ola bilər? Dedim: – Bir gün ola bilər ki, haman sən axmaq saydığın ərdəbillilər birdən gözlərini açallar və ağanın oyunbazlığını zaiqəyə tapşırallar. Yoldaşım yenə soruşdu: – Onda nə olar? Dedim: – Onda camaat bir gün hücum çəkib ağanın evini yandıra bilər. * * * Yoldaşım qısaca mənə belə dedi: – Eşit inanma! Dedim: – Niyə? Dedi: – Hələ çox çəkər!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 oktyabr 1926, №43 * * * Çox nigaranam Bir neçə şeydən yana çox nigaranam: Biri budur ki, məsəl üçün deyək, gedirsən, Baksoyuzun parça mağazasında növbəyə durursan və yarım saatdan sonra parça alıb gətirirsən və bir neçə gündən sonra görürsən ki, haman parçanın bəzisi çürük çıxdı. – İndi, məsəl üçün, bir saatlığa tutaq ki, oradan satılan parçaların hamısı xalis mal çıxdı, o vədə nəzərinə gətir görək, aya, “oçered” tapa biləcəksənmi ki, bir arşın mal alasan? – Mən bundan çox nigaranam. * * * İkinci nigarançılığım budur ki, bir neçə turk tələbələri Bakının kəndli sarayının küncündə axşam vaxtları durub güdürlər ki, türk qızları gəlib gedəndə onlara sataşsınlar. İndi məsəl üçün tutaq ki, o günü qızların yolu o küçədən düşmədi, aya, o vədə o biçarə tələbələrin qəm və qüssəsi yerə və göyə sığışacaqmı, ya yox? Bundan da yana nigaranam. * * * Üçüncü nigarançılığım çocuq komissyonu qurduğu qumarxanalar və lotoreyaxanalar barəsindədir. Sözüm oradadır ki, çocuqlara ianə etmək babətindən bu qədər ki, qumarxanalara və lotoreyaxanalara oğul-uşaq sahiblərinin pulu zay olub gedir, bizi yaradan Allahdan başqa bir kəsə də hələ məlum deyil ki, o tələlərə dolan pullar nə vaxt və nə miqdarda yetim uşaqlara gedib çatır; aya, görəsən, xudanəkərdə, indi məsəl üçün, bir saatlığa tutaq ki, bu qumarxanalar və lotoreyaxanalar bağlandı, aya, onda görək, haman qumara qızışan və adətkərdə olan kişilər və lotoreyaya doluşan uşaqlar başına haranın külünü tökəcəklər? Bundan da yana nigaranam. * * * Dördüncü nigarançılığım da ingilislərin Ərdəbil politikaları xüsusundadır. İndi belə mülahizə edək ki, xudanəkərdə, Ərdəbil fazili axund Mirzə Ələkbər ağa bu dünyadan köçdü getdi həmişəlik dünyaya; onda bəs, görəsən ingilislərin İranın şimalında olan casusluq vəzifəsini Mirzə Ələkbər ağa ləyaqətdə aparan kim olacaq? Bundan da yana nigaranam. * * * Axırıncı nigarançılığım Karl Marks bağında qəzet və kitab satan dostumuz Əlihəsən barəsindədir. İndi, məsəl üçün, birisi gəlib qəzetləri və jurnalları açır, vərəqləyir, çölünə baxır, açır içinə baxır, hələ bəlkə bir parası da cibindən bıçaq çıxardır, kitabın, ya jurnalın arasını kəsir və bir qədər oxuyur da. Sonra bu maarif dostlarımızın bir parası pulunu verib qəzeti, ya jurnalı alıb aparır. Elələri də var ki, onların peşəsi bu növ mütaliədən sonra kitabı, ya jurnalı yenə büküb sahibinə qaytarmaqdır. Aya, burada, görəsən, dostumuz Əlihəsənin qəzeti və jurnalı oxuyub qaytarandan giley eləməyə haqqı var, ya yox? Bundan da mən nigaranam. Hər bir kəs bu yuxarıda saydığımız nigarançılıqlara bir sakitedici cavab yazıb idarəmizə dörd abbası pul ilə bahəm göndərsə, ona bir ayın müddətində müftəcə “Molla Nəsrəddin” göndərərik. Lağlağı “Molla Nəsrəddin”, 30 oktyabr 1926, №44 * * * Nisyə mal ötürmək Söhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək. Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir. * * * Ancaq burada bircə şey var ki, o da işi bir azca xarablayır: biri budur ki, sənə verilən “çekin” beş-on gün müddəti var, gərək hər necə olmuş olsa, malı bu beş-on gündə alıb oradan çıxasan. Odur ki, sən tələsirsən, hər necə olmuş olsa, çekin müddətini itirməyəsən; yoxsa çek gücdən düşər və sənə zərər olar. Onunçün də kooperativə girərkən, görürsən ki, adam əlindən qiyamətdir və çox saatları itirəndən sonra, darıxandan sonra, basabasa düşəndən və çıxandan sonra, bəxtinə çıxan parçanı adamların başının üstündən bir tövr alıb Allaha şükür eləyirsən və qan-tər içində gedirsən evə, görürsən ki, ocağın altı keçib, uşaqlar ac qalıb, eləcə yuxu tutub yatışıblar. Allahın altında bircə basabas olmayaydı! * * * Qaldı bircə dənə eybi, onu bir istəyirəm deyəm, bir də qorxuram kooperativçi qardaşların kefinə dəyə. Bax, ona söz yox ki, bazarda xüsusi alverçilərdə bu mallar yoxdur; olsa da birə-iki qiymətə baha satacaqlar və bu barədə kooperativlərin varlığına minlərcə “yaşa” söyləyirəm, ancaq “bəşərtiha!”. Ancaq bu şərtnən ki, bu ucuz satılan kooperativ malları axırda çürük çıxmayalar; yoxsa Allah şahiddir ki, keçən vaxtlar “palatno” adına alınan köynəklik ağların bir parası “o söz”, yəni – kooperativçi yoldaşlar inciməsin – vallah çürük çıxdılar. Əlbəttə, demək olmaz ki, həmişə belə olacaq və mən də bari pərvərdigardan istiğasə edirəm ki, bundan sonra bu qədər məşəqqət ilə, “oçered” ilə və bir-birlərini dümsükləmək və itələməklə alınan mallar çürük çıxmasınlar və o mallar barəsində çeşmə kimi tər tökən bacıları axırda kor və peşman etməsinlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 noyabr 1926, №45 * * * Latın hürufatı və ingilislər Bu çox qəribə söhbətdir. “Latın hürufatı və ingilislər” deyəndə qabaqca bizim bəzi oxucuların xəyalına gələ bilər ki, burada yəqin ingilislərin də latın hürufatını qəbul eləməklərindən danışılır. Bu belə deyil, çünki ingilislər qədimdən latın hürufatını işlədir (necə ki, cəmi avropalı və amerikalılar). Burada bir paralarının da fikrinə gələ bilər ki, şayəd burada ingilislər biz türklərin latın hürufatımızı qəbul etməyimizi eşidib, bu işi bəyənirlər və təsdiq edirlər (çünki özləri də latın hürufatı ilə yazıpozu eləyirlər). Belə də deyil. Və bu günədək biz güman edə bilərdik ki, dünyada nə qədər mədəni və ağıllı tayfa varsa, latın hürufatını özü üçün hürufat qərar verib. Onlar hamısı bizim də bu yeni türk əlifbamızı, yəni latın əlifbasını, təsdiq edələr gərək. Səbəb odur ki, əgər bəyənmirlərsə, xoşlamırlarsa, bəs, özləri niyə o hürufatın üstündə öz kitabətini, mətbuatını bina edibdirlər? Bu elə bir aşkar mətləbdir ki, burada dəxi danışmağa bir yer ola bilməz. * * * Amma, xeyr! İngilis rəfiqlərimiz bu işə özgə nəzərlə baxırlar: ingilislər üçün dünyada yaxşı şey və pis şey yoxdur; o yerdə ki, onların politikası icab edir, orada yaxşı işə də onlar yaxşı deyə bilərlər, pis işə də yaxşı deyə bilərlər. Və o yerdə ki, onların siyasəti təqaza edir, o yerdə onlar ağa qara deyə bilərlər, qaraya da ağ deyə bilərlər. * * * Bu qədər müqəddəməyə tul və təfsil verməyim aşağıdakı rəvayəti söyləməkdən ötrüdür, necə ki, mərsiyəxanlar deyərlər: oxumamışam məgər bu fərddən ötrü. Hindistanın Bombey şəhərində çıxan ingilis qəzeti “Tayms of İndiya” oktyabr nömrələrinin birində, Türkiyədə latın əlifbası intişarından söhbət açıb, üzünü Hindistan müsəlmanlarına tutub yazır: “Məgər bizim müsəlmanlar Türkiyənin bu yeni təşəbbüsündən sonra yenə onların xilafətə və islama xain olmaqlarına şübhə edəcəklər?”. * * * Ey dünyanın şeytanət ustadları! Və ey yerin-göyün provakasiya fazilləri! Dünyada fəsadatda vahid yaranmısınız və vəhdaniyyətinizə şəkk edənə min lənət! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 noyabr 1926, №46 * * * İsti suya – soyuq suya Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq. Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq. * * * İndi belə tutaq ki, kəndli bir tövrnən dəmir yol stasyonunun kassasında Yevlaxda, ya Ucarda, ya qeyri bir yerdə özünə bilet aldı. Mən deyirəm, “belə tutaq” – o səbəbə ki, bilet almaq da yollarda hamı xoşbəxtə müyəssər olan iş deyil. Bəli, tutaq ki, aldı. İndi görək o əlibiletli kəndli vaqona nə cür minəcək. Maşın gəlib dayanan kimi xurcunu atacaq çiyninə və iki əlində şeyləri qaçacaq vaqonların qabağına. Məlumdur ki, hər vaqonun qapısı ağzında kəndlinin dilini bilməyən bir adam durub. Bu adam haman vaqonun rəisidir. Bunun burada durmaqda vəzifəsi odur ki, mümkün olduqca hər bir dil bilməz miniyə desin ki, “isti suya”; yəni sən axtardığın vaqon deyil. Xüsusən gecənin qaranlığında vaqonu tanımaq kəndli üçün asan da deyil. Bəli, getdi o biri vaqonun yanına. Burada duran vaqon naçalnikinin vəzifəsi haman kəndliyə cavab verməkdir ki, sənin vaqonun bu deyil; yəni “get soyuq suya”. Çox vaxt elə olur ki, kəndli vaqonu axtara-axtara maşın hərəkət eləyir və bu da biletə verdiyi pulun xatirəsi üçün və birdən yoldan qalmamaqdan ötrü əlini uzadır yapışır bir vaqonun qapısının əl tutacağından. Çox vaxt burada kəndli asıla-asıla bir qədər yol gedir. Elə də olur ki, bu qorxulu bir halətdə miniyimiz bir mübarizəyə də rast gəlir. Vaqondan yıxılmaq və təkər altına düşmək dəxi heç bir çətin və namümkün məsələ deyil. Böhtan olmasın deyə, çox da inad etmirik; ancaq bu yazılan macəralar hər gün və hər saat bizim dəmir yollarda üz verməkdədir. Güman edirəm ki, bu hal ta o vaxta kimi davam edəcək ki, xah qatar rəisi və xah vaqon konduktoru bu etiqada gələ ki, yeri və göyü yaradan tək onlar deyil və haman stasyon naçalniki və qeyri bir məmurun vaqona daxil olub minikləri yerbəyer etməyə ixtiyarı ola. Və nə qədər ki, yoxdur, qatar və vaqon rəisləri öz Allahlıqlarından əl götürməyəcəklər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 noyabr 1926, №47 * * * Arvad öldürənlər, yaxud “qeyrət” İstilah komisyonunun nəzəri-diqqətinə! “Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var. Daha doğrusu, “qeyrət” əslən Bakı istilahıdır və buradan da bu istilah Qafqazın bəzi yerlərinə, xüsusən şimal tərəfinə, qeyrətli islam arasına yayılıbdır. “Qeyrət”in əsli mənası–arvad öldurməkdir. Və çünki Bakıdan və bizim qeyri şəhərlərimizdən savayı Rusiyada və Avropada arvad öldürmək yoxdur, onunçün də o məmləkətlərdə “qeyrət” ləfzi də işlənmir. Və çünki o tayfaların “qeyrət”i, yaxud “qeyrət” istilahı yoxdur, onunçün də heç kəs indiyə kimi eşitməyib ki, bir nəfər rus, erməni, ya almaniyalı, ya amerikalı “qeyrət” üstə arvad öldürsün. * * * “Qeyrət”in mənası: “Qeyrət”in mənası budur ki, indi bir saatlığa tutaq ki, mən məsələn, Bakı qoçusuyam və baxıb görürəm ki, arvadımın, ya bacımın rəftarı mənə xoş gəlmir və bunların rəftarına baxıb qorxuram ki, camaat içində mənim bacım barəsində, ya arvadım barəsində pis danışalar. Qeyrət, qeyrət – buna deyirlər; yəni hirs vurur təpəmə və pıçağı götürüb arvadımın, yainki bacımın başını kəsirəm. “Qeyrət” buna deyirlər! * * * Amma çifayda və səd əfsus! Çünki qulağımıza çatan rəvayətlərdən və gözümüzlə gördüyümüz təcrübələrdən belə məlum olur ki, Şura ədliyyəsi təlim edibdir bu gözəl istilahı bilmərrə bizim lüğətimizdən pozsun və qeyrət üstə arvad öldürmək adətinin bilmərrə kökünü kəssin. Heyif və yenə heyif! Ondan ötrü ki, əgər bu rəvayətlər doğrudursa, elədə arvad öldürən qoçularımız gərək bir vaxt “mod”dan düşələr və belə də olsa, doğrudan da, namərdlik və yırtıcılıqda çıxartdığımız gözəl ad və şöhrətimiz bir vaxt məhv ola gərək. Heyif, yenə heyif olsun qoçubazlığımıza, arvad öldürmək kimi igidliyimizə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 noyabr 1926, №48 * * * Özümdən böyük sözlər Söhbət sığorta işləri barəsindədir. Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır. Bəli, keçək söhbətə. Bir neçə gün bundan qabaq Bakı şəhərinin təsərrüfat şöbəsi idarəsi qəzetlərin birində yazmışdı ki, Bakının yüz əlli evinin sığorta xərci ildə həştad min manatdır; halbuki, sığorta idarəsi bir ilin müddətində bu evlərin yanğı zərərinə ancaq bir min altı yüz manat xərc qoyur və hətta elə olur ki, heç qəpik də sığorta idarəsinin cibindən çıxmır. Məqalənin axırında yazılmışdı ki, bu tövr baha sığorta tariflərini bir neçə qat əskiltmək lazım gəlir. Molla Nəsrəddinə bu sözlərin dəxli yoxdur; səbəb bu ki, Allaha şükür, Molla Nəsrəddinin evi yoxdur ki, sığorta idarəsi o evdən baha qiymət ilə sığorta pulu ala. Ancaq Molla Nəsrəddinin sığorta idarələrilə əlaqəsi yox da deyil: doğrudur, bizim evimiz yoxdur; amma idarəmiz var və idarə qulluqçularımız var və onları da sığorta etməyə məcburuq. Ancaq vallah, qorxuram da danışmağa, çünki bu sözlər özümdən böyük sözdür. Bir surətdə ki, Bakı təsərrüfat idarəsi sığorta sözünü ağzına alıb danışdı, dəxi niyə biz danışa bilməyək. Əgər onun dərdi var danışır, bəlkə bizim də dərdimiz var. Mən də yavaşcadan və qorxa-qorxa deyirəm ki, bir ayın, ya bir ilin müddətində o qədər pulu ki, mən özüm üçün və idarə yoldaşlarım üçün sığorta idarəsinə verirəm, – o pulun ondan biri qədər sığorta həkimləri və sığorta dərmanlarına biz zəhmət vermirik. Nə səbəbə? Bunun səbəbləri çoxdur; ancaq bir neçələrini söyləyim (amma yenə qorxuram ha!..). Sığorta həkimini görüncəyədək bütün günü gərək itirək, bu da bizə əl vermir, çünki hamımız qulluqçuyuq və iş adamıyıq. Çox vaxt sığorta həkiminə qail olmayıb, şöhrətli mütəxəssis həkimlərin yanına gedirik. Çox vaxt ittifaq düşür ki, il uzunu Allah-taala bizi dərdü-bəladan mühafizət edir. Amma Allahın bizə olan mərhəmətinin minnətini yenə sığorta idarəsi götürür. Bu sözləri yazıb qurtarandan sonra üzümü uca olan cənab həqqə tutub, onun nə yerdə və nə göydə və bilmirəm harada olmağına and içirəm ki, əgər sığorta tarifini azaldıb qənaət naminə doqquz hissəsini yazıq idarələrə bağışlayalar və ancaq ondan birini alalar, yenə sığorta idarəsi heç bir şey itirməz; bu şərtlə bu “rejim ekonomiya” sığorta ümuratına da gedə rast gələ. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 dekabr 1926, №51 * * * Hünərli qadınlar “Hünər hünər üçündür, hünər Allah üçündür!.. ”. Ax keçən günlər! Düz bir ildir ki, mən Şuşa qalasında olurdum. Və orada mahi-məhərrəmdə ömür etdiyim günlər mənim üçün böyük bir yadigardır; səbəb bu ki, o günləri mən həmi xoşbəxt idim, həmi də bədbəxt. Bədbəxtliyim ondan ötrü idi ki, imam Hüseyn təziyəsində hər bir mənim kimi həqiqi müsəlman bəndəsi gərək özünü qəm və qüssə içində hiss edə. Xoşbəxtliyim də o babətdən idi ki, keçən məhərrəmlikdə Şuşa şəhərində bəndeyi-həqir bizim Qarabağ qadınlarının bir neçəsinin şücaət və rəşadətinə şahid oldum və əlbəttə, bu fəqərə özü mənim kimi Şərq qadınının köhnə dostu – Molla Nəsrəddin üçün böyük bir mayeyi-iftixardır. Demək, vətənimin qadın qəhrəmanlarının igidliyi və fütuhatı bir yandan, – bu mənim üçün bir toy və bayram; seyyidüş-şühədanın matəmi bir yandan, – bu da mənim üçün bir böyük yas və ölüm!.. Və bunları görə-görə və hiss edə-edə bilmirdim aya şad olummu, ya qəmgin olum? Bilmirdim mən xoşbəxtəm, ya bədbəxtəm. Və axırda bu əqidədə qərar tutdum ki, ağamın təziyəsinin müqabilində heç bir şadlığın hünəri deyil dayanıb dursun. Və onunçün də haman gündən başladım dərd eləməyə və bu dərd bütün ilin ərzində məni qovalaya-qovalaya gətirdi çıxartdı indi üzümüzə gələn mahi-məhərrəmin müsibətinə. Demək, dərd dərdə qarışdı. Keçək mətləbə: Bunu lazımdır qabaqca demək ki, keçən məhərrəmlik büsatı Şuşa qalasında çox təntənəli surətdə meydana çıxmağa hazırlanırdı. Təbiidir ki, Qarabağın mərkəzində fəsadatı ilə məşhur olan əziz şairimiz Molla Pənah Vaqifin ikinci vətənində, küçələrdə “şaxsey” dəstələrini gurultu ilə dolandırmaq və aşura günü ağ köynək olub qan tökmək həmi qarabağlıların başının ucalığına səbəbdir, həmi də ağ köynək bidətini icad edən cənnət məkan Molla Pənahın ruhunun şad olmağına bir vəsilədir və onunçün də demək olar ki, Azərbaycan torpağında məhərrəmlik təziyəsini layiqincə, yəni ən heşmətli və cəlallı bir surətdə meydana çıxartmaqda Qarabağ həmişə birincilik qazanıbdır. Keçən il də həmçinin; müvafiq qayda. Şuşa qalasında, Ağdamda və hətta kiçik qəsəbə və kəndlərdə və habelə yaylaqlarda... məhərrəmliyə hələ bir ay qalmış təziyə tədarükü görməyə başladılar: zəncir qayıtdırmaq, xəncər itilətmək, şəbih dəstələrini icarəyə götürmək, ağ köynəklərin qanını silmək üçün ağ dəsmallar hazırlamaq və qeyrə... Digər tərəfdən də bir para oxumuşlar başladılar camaat içində təbliğat aparmağa ki, nəüzübillah, “bu baş yarmaq, zəncir vurmaq və küçələrdə “şaxsey”; təpmək adəti vəhşi bir adətdir. Və əgər min üç yüz il bundan qabaq nadan ərəblərin qəbilə sərkərdələri bir-biri ilə “partfel” üstə dalaşıb vuruşurdular, biz Azərbaycan türklərinə nə düşüb ki, küçələrə doluşub bambılı kimi “şaxsey, vaxsey!.. ” çığırıb atılaq düşək, qonşuları öz üstümüzə güldürək, öz əlimizlə öz əziz canımızı yaralayaq, öz yumruğumuzla sinəmizi taptalayaq və ciyərlərimizə xətər yetirək!..” Bu sözləri danışanlar müəllimlər idi, ədiblər idi, mütəəllimlər idi, Avropada binamazlar içində təhsil tapmış cavanlar idi. Və hətta hökumət tərəfindən də bir neçə adam bu laməzhəblərə qoşulub camaata öyüd-nəsihət edirdilər ki, Şura hökuməti heç bir tayfaya mane deyil ki, öz məscid və minbərinə cəm olub, öz ibadətlərinin mərasimini layiqincə yerinə yetirsin. Amma küçələrə doluşub əldə xəncər nərə təpətəpə baş yarmağı hökumət heç bir vəch ilə məsləhət görmür. Bəli, məhərrəmlik daxil oldu. Və Şuşa şəhərində və Ağdam şəhərində və qeyri yerlərdə də müsəlmanlar başladılar qara geyinməyə və matəm saxlamağa. Və Allah şahiddir ki, qeyrətli Qarabağ müsəlmanları üçün haman məhərrəmlik matəmi ikiqat matəm oldu: biri seyyidüşşühədanın matəmi, biri də haman matəmdir ki, insaf və mürvətdən xəbəri olmayan bir zalım və laməzhəb gələ tuta sənin qolundan və deyə: – Mən qoymayacağam ki, sən imam yolunda vurasan başını yarasan!.. Qoymayacağam ki, diri-diri öz əlinlə özünü öldürəsən ki, axırda sənin binəva uşaqların səni yorğan-döşəkdə yatmış görüb ağlayaağlaya desinlər ki: – Dədə, sən tutaq ki, özünə huri və qılman qazandın... Amma, bəs, bizə çörək qazanan kim olacaq?.. – Pəh, bunun dəxli mətləbə var?.. Bu da oldu azadlıq? Qardaş, mən özümü öldürürəm, sənə nə borc? Niyə paxıllıq eliyirsən. Yoxsa, qorxursan, mən səndən qabaq gedəm huri və qılmanları sahiblənim, dəxi sənə qalmasın?! Vallah, fəndini duyuram. Bəli, məhərrəmlik daxil oldu. Və aralıqda danışılan bu idi ki, hətta qara camaat da başa düşüb ki, küçələrdə hay-huy eləmək bir ibadət deyil və belə nəzərə gəlirdi ki, bu il məhərrəmlik təziyəsi məsciddən kənara çıxmayacaq və hər ilki kimi biabırçılıq bu il dəxi təkrar olunmayacaq. Və yəqinlik hasil olmuşdu ki, bu il dəxi ağ köynək, baş yarmaq və Qasim otağı bəzəyib küçələri dolanmaq olmayacaq. Onda dəxi nə qaldı? Bu ki, dəxi məhərrəmlik olmadı? Və bunlar nə sözdü ki, aralığa çıxır? Məgər Qarabağ qadınları ölüblər ki, bir neçə laməzhəblər beləliklə məhərrəmliyi aradan götürsünlər?! Elə ki, aşuranın sübhü tülu etdi, xəbər çıxdı ki, Şuşanın qadınları qiyam edirlər. Sonra bu xəbər teleqraf ilə Ağdamdan da gəldi. – Pəh, pəh! Nə gözəl xəbər və nə ali bir mənzərə! Qadınlar qiyam edirlər!.. Nə olar və nə təəccüb yeri var. Dünyada qadınlar üsyanı azmı ittifaq düşüb? Fransada azadlıq yolunda Canna Dark, İngiltərə və Amerikada azadlıq yolunda çox-çox qadınlar!.. Pəh-pəh! Yaşasın Qarabağ qadınları! Yaşasın arvadlardan dəstə tutub dəstə qabağına düşən mərsiyəxan bir bəy xanımı, yaşasın hirsindən üzü açıq küçədə imam yolunda nərə təpən Saray, dəli Qönçə, Püstə xala! Yaşasın əli dəyənəkli, dəstəbaşı çavaş Zəhra, yaşasın kişi Nənəxanım, baldır Tükəzban, qoçu Gülsüm bacı, dəyənək Pəri, xanəndə Fatma!.. Və xülaseyi-kəlam, yaşasın Şuşa və Ağdam vilayətinin haman qadın qəhrəmanları ki, keçən il məhz onların rəşadətinin bərəkətindən qiymətli şairimiz qoyub gedən məhərrəmlik dəstgahımıza bir yandan bir rəxnə toxunmadı, ağ köynək də öz yerində baqi qaldı, Qasim otağı da bəzəndi və imam Hüseyn yolunda keyfin istədiyi qədər hədər qan axdı və Cıdır düzünün səfalı çəməngahını al qan ilə qəltan elədi. Yaşasın əli dəyənəkli Qarabağ qadınları!.. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) “Şərq qadını” 1926, №6 * * * Namaz üstə Birinci səhifədəki şəklin mənası : Rza şah namaz üstədir. Onun dalında durub bir nəfər məcrubi- Ərsa məmləkətlərinin səfiri. Səkkiz rükət namazın dörd rükəti cəhr və dörd rükəti ixfadır. Babi-əvvəl: Əzan və iqamə, təkbirdir. Xəffən: Allahü əkbər, cəhrən İngilis əkbər. Şəhadəti-tövhid: Xəffən: Əşhədə ən la ilahə illəlah, Cəhrəm: Əşhədə ənla ilahə illa ingilis, səfirən rəsullah. Bəli, bu nəhv ilə əzan və iqamə tamam oldu. Babi-düvvüm: Niyyət: Mən ən səmimi-qəlbdən niyyət edirəm ki, bu dəmdə arxamda duran səfir həzrətlərinin iradəsindən kənara bir qədəm də qoymayam. Bibi-sevvüm: qiyam. Sədir həzrətlərinin qabağında xeyli ədəb ilə durmaq. Babi-cəçharrüm: təkbirət ül sehram: həzrəti-imam cəfər sadiq sələvatulla və salam ileyh buyurublar ki, üç təkbir oxuyandan sonra bu ibarəni oxumaq müstəhəbdir: Allahüm əmtə ingiltərə əl-həqqül-mübin. Babi-pəncüm: Qiraəti-həmd xəffən: Əlhəmdüllah rəbbül-aləmin, cəhrən əlhəmdüllah ingilis rəbbülaləmin. Ərrəhman ür-rəhim (Yalansa atana lənət!) İyakə nəbürü: qazi mir məhəmmədkərim ağa Hacı Zeynalabdin Tağıyevi bir milyon pulu güclə çap etdirirdiyi Quranan təfsirinin birinci cildinin 3-cü səhifəsində üzünü Allah-taala dərgahına tutub deyir: Nəhayət itaət və zillət ilə ancaq sənə ibarət edib, səni ibadətimizə məcbur eyləyib, səndən başqasını ibadətimizdə sənə şərik qərar vermirik. Və iyakə nəstəin: ancaq səndən köməklik istəyirik cəmi əmirlərimizdə. Şah həzrətlərinin bu axırıncı sözləri cənabi-allaha da ravedir və bir kopyası da səfir həzrətlərinə mütəlliqdir. İhdina əs-sirayətül-müstəqim. Cəhrən: hidayət eylə bəni düz yola. Xəffən: Heç çayəm yoxdur. Məni taxta çıxardan da sənsən və məni taxtan salmaq da sənin üçün bir çətin iş deyil. Bari sənə pənah apararam, ey yeri-göyün çəlpəşik işlərinin padşahı! Siratəl-ləzinə ənəməti ileyhüm qeyr əlməzcub şeyhüm vələzzamin. Yəni and verirəm səni, tehran parlamanınızda hər gün parlaman üzvlərinin tərəfindən adları ehtiram ilə zikr olunan on iki imama, mənit Vüsüqüddövlə və təbatəbanlərə qatma, onları bir vaxt sövq etdiyin zəçlalətli yola məni hidayət etmə. Mən ki, sənin itaətindən bir an da çəxmamağa əhd etmişəm. Sən də məni öz kölgəndə bir növ hifz eylə, ta bəlkə bəzi mərdüm-məzar firqələrin təlaşı ilə bu gözəl səltənətdən yarımçəq məhrum olmayım. Qul hüvəllahü əhəd! Ya məhəmməd, müşriklərin cavabında degilən sizi Allah-taalanın tövhidinə dəvət edirəm. Həmən Allahın ki, yer üzünün dəryalarının sahibidir. Həmən dəryaların Allahını deyirəm ki, hər on yeddi rükət namazdan sonra arzusu şərq aləminin bişüur millətlərini biri-birinə vuruşdurub, axirüləmirdə onlara sahiblanmaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 yanvar 1927, №2 * * * İran “tacir”ləri Məlumdur ki, bir az vaxt bundan qabaq Bakıda bir neçə nəfər İran “taciri” yerli hökumət tərəfindən həbsə alınıbdır. Səbəbi də bu imiş ki, həmin “tacir”lər məxfi surətdə qızıl pul alış-verişinə məşğul imişlər, bir surətdə ki, qızıl pul ticarəti hökumət tərəfindən qədəğəndir; o səbəbə qədəğəndir ki, bir belə alış-verişin əhali üçün zərərindən başqa bir mənfəəti ola bilməz, hökumətin maliyyə siyasətinə də böyük zərbədir; çünki qızıl pulu qeyri-təbii surətdə qalxızır və çervon pulu da yenə qeyri-təbii surətdə aşağa yendirir. Və lakin Molla Nəsrəddinin dünyasına həmin işlərin dəxli yoxdur; ancaq bizi danışdıran bir məsələdir ki, o məsələni qoyub keçə bilmədik. Axır vaxtlarda qulağımıza çatdı ki, Tehran qəzetləri Bakıda İran “tacir”lərinin həbsdə qalmaqlarına dilgir olublar. Məlumdur ki, hər bir hökumət öz torpağında yaşayan əfradın xəyanətinin qabağını almaqda muxtardır və bir neçə nəfər İran “tacir”inin tutduqları böyük bir qələtləri üstə həbsə alınmaqlarına Tehran qəzetləri gərək siyasi rəng verməyə idilər; zira Tehran qəzetləri gərək bunu bilə idilər ki, Şura hökuməti öz torpağında yaşayan İran təbəələrinə heç bir vaxt əbəs yerə sıxıntı verməyibdir. Və lakin, bu günlərdə əhvalatdan vaqif olduq və iranlıların bizdən giley-güzarının səbəbini bildik. Tehranda təb olunan “Gülşən” qəzeti 6 dekabrda 709 nömrəli nüsxəsində yazır ki, gərək Bakı hökuməti İran tacirlərini həbsə almayaydı, o səbəbə ki, taciri incitmək olmaz, o səbəbə ki, “tüccar dər tamam dünya möhtərəmənd”. Demək, burada iş açıldı: Tehran qəzetləri onu demirlər ki, Bakıda həbsə alınan “tacir”lər müqəssirdirlər, ya günahsızdırlar. Ancaq onu deyirlər ki, ümumiyyətlə, hər yerdə olsa-olsun, kim olur-olsun, tacir tayfasını incitmək olmaz; çünki tacir tayfası möhtərəm bir tayfadır. Amma, öz aramızdı, bu söz çox qəribə sözdür: biz indiyədək dünyada spekulyantları əbəs yerə bu qədər məzəmmət edirdik. Məlum olur ki, bunlar çox möhtərəm və İran qəzetçiləri aləmində böyük bir ehtiram sahibləri imişlər. Biz indiyədək qəflətdə imişik. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 yanvar 1927, №4 * * * Göyçayda maarif əfəndiləri İki vəqəə bir-birinə təsadüf etdi. Biri Moskvada Şərq qadınları arasında çalışmağa qüvvət vermək qərarı, ikinci Göyçayda, İsmayıllı dairəsində, Məcan kəndində qadınlar güşəsinin candan düşməyi, buna da səbəb güşə müdirəsinin maarif əfəndilərinə ərzi-ixlas etməyi bacarmamağıdır ki, nəticədə müdirə öz vəzifəsini buraxıb, cıxıb getdi. Qız məktəbi qapandı. Qadınlar güşəsinin də indi adı var, özü yoxdur. Bu özü təbii bir haldır. Göyçay maarifi iyirmi səkkiz müəllimin əlindədir. Bunların iyirmi nəfəri həmən sabiq əfəndilərdəndir ki, indi çoxları familiyalarını dəyişibdir. Bu əfəndilər hamısı zəncir halqaları kimi bir-birinə bağlıdır. Bir əfəndi maarif müfəttişidir. Bir əfəndi onun yeznəsidir ki, maarif müvəkkili vəzifəsini daşıyır. Qeyri əfəndilər də, biri dairə məktəbləri müdiri, biri məktəb müdiri, biri müəllim. Müfəttiş əfəndi mərkəzdən dairə məktəb müdirinə telefon ilə xəbər verir ki, “Hazır ol, gəlirəm təftişə”. Burada təhiyyə və tədarük başlanır. İçki, muğlu və qeyrə. Lakin təftiş məktəb müdiri əfəndinin az mənzində əmələ gəlir ki, burada başda maarif müdiri özü də hazır olur. Dərslərdə ki, öz qaydasınca iki növbədə qələmə verilir. Hərçənd bir para böhtançılar dərsləri bir növbədən də alçaq dərəcədə tuturlar. (Çünki müəllimlərin bir çoxu özləri də məktəb görməmişdilər. ) Lakin zənn edirəm, bunların heç eybi yoxdur. Çünki hər necə olmuş olsa, axırda yenə bir gözəl nəticə hasil olur. Belə ki, müdirlərin ailələri yay zamanı gözəl yaylaqlarda müəllimlərə qonaq olub, vaxt keçirirlər. Gözəl sular, çəmənlər, qaymaq və qatıq. Eybi yoxdur. Bu özü də elə qadın məsələsinə daxildir. Cırcırama “Molla Nəsrəddin”, 29 yanvar 1927-ci il, №5 * * * Kəndə!.. Bilməm nə görübdür bizim oğlan oxumaqdan. Sabir Sabir deyirdi: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan, dəng oldu qulağım!”. Mən də deyirəm: Bilməm nə görübdür bizim hökumət oxutmaqda? Bu nədir? – Türk mamalarının buraxılışı. Bu nədir? – Türk farmasevtəczaçılarının buraxılışı. İndi də türklərdən diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. Mən də ora getmişdim: qəribə-qəribə makinalar, dəzgahlar, yuxuda da görmədiyimiz diş tibbi mayəhtacı... Xülasə... bu qədər uzun danışmaqdan məqsəd tək bir məsələni indidən ortalığa qoyub onu həll etməkdir, yoxsa, bu qədər təlimxanalar – öz qaydasınca və bunlardan axırda ələ gələn nəticə də – bu da öz qaydasınca. Vallah, sən bu qədər zəhmət ki, çəkirsən və bu qədər həqqü səy ki qoyursan, axırda bir də baxıb görərsən ki, bunlar hamısı hədər imiş. Bu qədər mamalar ki, hər il təhsil tamam edib diplomlarını qoyurlar ciblərinə – bunlar nə qayırırlar? Yəni müxtəsər: bunlar öyrəndikləri mamalıq elmini harada işlədirlər? Şəhərdə ya kənddə? Rəsmi mənbədən bizə çatan məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər türk mamalarının bir çoxu kəndlərə dağılıbdır. Allah eləsin ki, bu xəbər doğru olsun; çünki keçən il danışılırdı ki, türk mamalarımız kəndlərə getməkdən qaçırlar. Bu il də on səkkiz nəfər türk maması təhsillərini itmama yetiriblər. Biz güman edirik ki, təzə ərsəyə gəlmiş mamalarımız, diş həkimlərimiz, göz həkimlərimiz, feldşer və əczaçılarımız bunu bilməlidirlər ki, onların təhsili yolunda Şura hökuməti tərəfindən qoyulan həqqü səydən məqsəd o deyil ki, cavan həkimlərimiz və mamalarımız böyük şəhərlərdə qalıb ağa və xanımların müalicəsinə məşğul olsunlar; bəlkə birinci məqsəd budur ki, onların hamısı kəndlərə dağılıb, min illərlə çarların, şah və soltanların, xanımların və fazillərin gözlərinin qabağında cəhalət və zülmətdə çürüməkdə olan binəva kənd əhalisinin dadına çatsınlar və onların hədsiz dərdinə müalicə etsinlər. Və əgər belə olmasa, bu yolda çəkilən zəhmətlər hədər yerə gedəcəkdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 fevral 1927, №6 * * * Xaç bayramı Hər kəs həmin bu sözlərdən bir mətləb anlamaq istəyirsə gərək 7-ci səhifədəki Hindarx məktəb müdirinin idarəyə cavabını oxusun. Əhvalat bu qərar ilədir: Məlum ki, bu il müəllimlər ehsaiyyə işlərinə alınmaları səbəbindən, dekabrın on beşindən yanvarın birinədək dərsdən azad olublar. Bu, öz qaydasınca. Ancaq Hindarx məktəbi müdiri yazır ki, kənd məktəblərində xaç bayramı tətilləri çarın və onun nökərləri olan mollaların və keşişlərin yıxılması ilə bərabər yıxılmışdır. Allah ağzından eşitsin! Kaş sən deyən olsun! Və lakin, mən hərçənd müdir Rüstəmzadə yoldaşı görməmişəm və onu tanımıram, amma bunu fəhva ilə deyə bilərəm ki, müdir yoldaş nə məncə ömür edib, nə həmin səbəbdən məncə təcrübə görübdür; necə ki, hükəma deyibdirlər: “Çox oxuyan çox bilməz”. Xülasə... Məlum ki, bu il müəllimlərin və şagirdlərin dərsdən azad olmaqlarına ehsaiyyə işləri bais oldu. Mən onu da bilirəm ki, keçən il də həmin müəllimlər və şagirdlər həmin dekabrın ikinci yarısını dərsdən azad oldular. Amma bunu Allah özü də təsdiq edə bilər ki, keçən il ehsaiyyə işləri yox idi. Bu sətirləri cızma-qara eləyən adam bu il də Hindarx şagirdləri ilə söhbət edib, keçən il də söhbət edibdir və inqilabdan qabaq da, keşişlər və mollalar əsrində də söhbət edibdir və qəribə burasındadır ki, həmin dekabrın on beşindən yanvarın əvvəlinədək mən həmin Hindarx müəllimlərini və Hindarx mütəəllimlərini dərsdən azad görürəm və hər dəfə onların dərsdən kənar olmaqlarının səbəbini soruşanda, həmin uşaqlar da və uşaqların ataları da xaç bayramını ortalığa gətiriblər. Hə! Nə deyirsən?.. Dəxi burada heç atılıb-düşmək lazım deyil və burada Hindarx şagirdlərinə və şagird atalarına bir söz demək olmaz; çünki zamani ki, dekabrın on beşindən başlamış yanvarın altısınadək sən yıxılmış hesab etdiyin keşişlərin mərifəti ilə Bakıda və qeyri yerlərdə kilsələrin on yeddi min put misi məəttəl edən zənginin nərəsindən yoldan ötüb keçən müxtəlif millətlərin zəhmətkeşlərinin qulaqları tutulmaqda olur, – bu halı öz gözü ilə görən və öz qulağı ilə eşidən Hindarx kəndlilərini sən heç vaxt inandıra bilməyəcəksən ki, bu dərsdən azad olmaq – məhz ehsaiyyə məşğələlərindən, ya tənəffüsün lüzumundan törəyir. Yoxsa söhbət tək bircə Hindarx məktəbi söhbəti deyil, habelə qeyri kənd məktəbləri və habelə böyük şəhərlərimizdə kiçik və böyük məktəblərimiz... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 fevral 1927, №7 * * * Bayquşlar Oxuculara mövcibincə məlumdur ki, bu yavıq vaxtlarda hökumət qərardadı möcibincə İlxıc kənd mollası İranlı molla... ni Şuralar torpağından çıxarıb İrana göndərdilər. Mən də burada bu keyfiyyətin təfsilini möhtərəm oxucularımıza bəyan etmək istəyirəm. Bir gün gecədən xeyli keçmiş mənə dedilər ki, bir nəfər təşəxxüslü molla səni görmək istəyir. Hərçənd isti rəxtxab içində rahatca yatmışdım, amma dedim – yenə molladır, hörmət lazımdır. Durdum və axund cənablarını qəbul etdim. – Əssəlamün əleyküm. – Ay əleykəssəlam. Bəli, tul, təfsil. Keçək mətləbə. Bunu mən etiraf edirəm ki, sirri açmaq yaxşı şey deyil; ancaq axundun mənə etibar etdiyi məhrəmani söhbətləri çox eşitməlidirlər, onunçün də burada əhdi pozmağa mən məcbur oluram. Axund mənə qabaqca bunu dedi ki: – Mən gedirəm. – Dedim: – İltimasi-dua. – Dedilər: – Bəşərti-həyat. – Dedim: – Heç qorxma, sənə bir şey olmaz. Burada axund duruxdu və mənə cavab elədi: – Axund Molla Nəsrəddin, sənə mənim bircə sirrim var, amma onu açma. – Dedim: – Nədir? Və axund özü durub öz əli ilə qapıları bərk basandan sonra başladı. Dedi: – Cənab Molla Nəsrəddin, indi mən gedirəm; ancaq yüz il bundan sonra, bəlkə iki yüz il bundan sonra aləmi-zərrdə ki, sən də ruh aləmində baqi qalacaqsan, mən də baqi qalacağam, əgər bu Azərbaycan torpağı mövhumat müzəxrəfatdan bir qədəm də kənara qoysa, onda mənim ruhuma və mənim təkilərin ərvahına min lənətlər gəlsin! – Dedim: – Necə? – Dedi: – Bəli, eybi yoxdur, indi Azərbaycan Şura hökuməti zəhmətkeşləri mənim dəsisələrimdən uzaq saxlamaq babətindən məni pak olan vətənimə təbid etdi. Xub. Bəs, mənim minlərcə yenə bu Azərbaycan torpağında qalan əmmaməli bayquş yoldaşlarıma nə deyirsən? – Dedim: – Hansıları deyirsən? Axund başladı saymağa: Məsələn: 1) Cəbrayıl qəzası, Yalpirəhmədli kəndinin mollası Molla Məhəmməd deyir: Bir kəramətli ocaqdır ocağım, Elmsiz xalqa açıqdır qucağım. Qazaxda Bayraməli kəndində Molla Məşədi Tağı deyir: Gəl, Sənəm xala, gəl baxım fala. Cəbrayılda Əbdürrəhmanlı kənd mollası deyir: Axmaq kişilər, söz qanın, iman gedir əldən. Ağdamda Xıdırlı mollası deyir: – Bu boğmalandığım isti təama and olsun, o şərbətlə dolu saxsı cama and olsun ki, əgər Şura hökuməti dağların, daşların ilan-çayanı ilə bacara bilsə, yenə biz əmmaməli bayquşlarla bacara bilməyəcək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 fevral 1927, №8 * * * İnsan və heyvan Orucluğun yavuqlaşmağı münasibətilə Bir var insan, bir də var heyvan. İnsan odur ki, Allah-taala ona ağıl və şüur veribdir. Heyvan da odur ki, Allah-taala ona ağıl və şüur verməyibdir. Amma biz bu orucluq məsələsini zayiqəyə tapşıranda baxıb görürük ki, yuxarıdakı sözlərin mənasını gərək tərsəsinə təbir edək: belə ki, bir var insan, bir də heyvan. İnsan odur ki, Allah-taala onu ağıl və şüurdan binəsib xəlq edib və heyvan da odur ki, sən çıxasan minbərə və qəliz-qəliz ərəb ibarələri və quran ayələri ilə min gün, min gecə inandırasan ki, otuz günün ərzində səhərdən axşamadək ac qalasan və kəsbkarını buraxıb təsbeh çevirməyə və Allahı çağırmağa məşğul olasan. Allah-taala axirətdə sənə huri istəsən huri, qılman istəsən ən gözəl və göyçəyini verəcək. Bu sözü heyvana desən, yenə sənə inanmaz; səbəb budur ki, axirətdən hələ heç kəs bir xəbər gətirməyib, amma insanla heyvanın fərqi budur ki, yekə-yekə burunlu, qulaqlı, ağsaqqal və qarasaqqal kişilər mollanın ağzından belə-belə boş vədləri eşidib inanırlar və inanandan sonra ilin tamam bir ayını iş-gücdən qalıb, səhərdən axşamadək ağızlarını göyə açıb ya Allah, ya Əli! – deyə-deyə gözəl günlərini zay edirlər. Demək, bir var insan, bir də heyvan. Bunların fərqi budur ki, Allahın heyvanını tək bircə dəfə yalan vədə ilə aldadanda – ikinci dəfə daha aldatmaq olmur. Amma Allahın yazıq insanı tamam min üç yüz qırx beş ilin ərzində şarlatan sarıqlıların yalan vədlərinə hey aldanmaqdadır, hey aldanmaqdadırlar. Biçarə insanlar!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 fevral, №9 * * * Beynəlxalq qadınlar günü On yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola. Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır. İndi Şərqin də əməkçi qadınları Şuralar İttifaqının əməkçi qadınları ilə hüquqda bərabər olub, onlara öz salamlarını göndərirlər və martın səkkizinci günü bayramına şərik olub dərin ürəkdən deyirlər: – Yaşasın beynəlxalq işçi qadınlar! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 mart 1927, №10 * * * Oruc yeyənlərin və oruc tutanların hesabı Ramazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin. Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır. İkinci. Həmin qızın yoldaşı bir qız gəlir ortalığa. Bu da doqquz yaşındadır (adını burada yazmırıq). Suyu buna da təklif etdikdə, bir qurtum içir gedir. Demək, bu da oruc deyil. – Atan kimdir? – Vəfat edib. – Anan kimdir? – Filandır. – Nəçidir? – Anam filan məktəbdə müəllimədir. Üçüncü. Bu da səkkiz yaşında bir qızdır. Gəlir utana-utana durur qabaqda. Suyu buna da təklif etdikdə utana-utana deyir ki: “orucam”. – Atan kimdir? – Atam ölüb. – Anan kimdir? – Anam iki ildir ki, bir qoca kişiyə ərə gedib, kişi də keçən il anamı Kərbəlaya aparmışdı. Dördüncü on yaşında bir oğlan uşağıdır. Atası filan idarədə katibdir, özü də böyük məktəb qurtarıb. Suyu içir və yerinə gedə-gedə deyir: – Ayıb deyilmi oruc tutmaq! Beşinci on yaşında bir oğlandır, suyu içmir ağlaya-ağlaya deyir ki: “orucam”. Atası məşədidir və bisavaddır. Altıncı, ortalığa doqquz yaşında bir qız uşağı gəlir. Bu da ağlayır. Anasının adı – Kəblayıdır: fala baxır, burun püflüyür, hər yas yerinə gedir va özü dərs-zad görməyib və qıza deyib: “Məktəbdə orucunu yesən, dəxi bu evə gəlmə!”. Xülasə, burada hamısını yazmağa yer yoxdur. Sinifdə qırx iki şagirdin iyirmi yeddisi oruc tutanlardır: iyirmisi qız xaylağı, yeddisi oğlandır. Oruc tutan qızların analarının heç biri məktəb görməyib, oruc tutan oğlan uşaqları da habelə. Amma oruc tutmayan şagirdlərin cümləsinin ya atası, ya anası dərs tamam eləmişlərdən imiş. Bu ehsaiyyə hesabı çox vacib bir şeydir; çünki burada çox nöqtələr seçmək olar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 mart 1927, №11 * * * Eşit, inanma! Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun. Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz... Əgər birisi Quranı ala əlinə və ona and içə-içə deyə ki, ərəb hürufatlı millətlər arasında kəndlilərin, yaxud şəhərlilərin içinə çox miqdarda qəzet və jurnal yeritmək üçün bir çarə tapa bilər, – eşit inanma! Çünki dünya yaranandan indiyə kimi bir belə şey heç bir yerdə görünməyibdir. Onunçün də bizim kəndlilərin içində də görsənə bilməyəcək. Yoxsa bundan savayı qalan söhbətlər mənim qulağıma girməz... Mən sənə vəsiyyət edirəm ki, xəyalını xam etməyəsən və çox şeylərə fikir verməyəsən və çox-çox xəyalplovlara ümid bağlamayasan, yoxsa amal və arzularının balü pəri qırılıb səni xarab edər. Kəndlilər üçün, ya şəhərlilər üçün dünyada ən əlverişli qəzet gərək ən asan hürufat ilə yazılmış olsun. Bir belə hürufat – Azərbaycan kəndliləri üçün tək bircə latın hürufatıdır ki, biz ona “yeni hürufat” adı qoymuşuq. Zamani ki, kəndlilərin uşaqları, indidən həmin yeni hürufat ilə savadlanmağa başlayıb və ərsəyə gəlib savadlı oldular, – ondan sonra, məhz ondan sonra sən, arzu etdiyin kəndli qəzetini yarada biləcəksən və məhz o vədə də həmin qəzeti kəndlilərin hamısı oxuyacaqlar. Amma indi kəndlilər hələ savadsızdırlar. Yoxsa bu söhbətdən hər kəs kənara çıxıb bir özgə söhbət başlasa, qoy başlasın. Amma sən eşit, inanma! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 mart 1927, №12 * * * Yad edirəm Keçmiş fevral ayı, bundan qabaqkı fevral aylarını yada salır. Həmin keçmiş fevral aylarının biri mənim üçün xeyli əziz gündür. Həmin gün, Nikolay padşahın taxtdan düşən günüdür. Amma mən Nikolay deyəndə onunla da işim yoxdur, çünki o padşah idi və mən də bir mollayam. Amma Nikolay o səbəbdən mənə yavıqdır ki, o padşah Allah bəndəsi idi və ruhaniləri dost tutardı. Ta o dərəcəyə kimi ki, Rasputin kimi bir fazili həmişə öz yanında saxlardı və özü də bir yana səfərə gedəndə xatunimükərrəməsinə tapşırardı ona hörmət eləsin və qoymasın ki, fazilin ürəyi sıxılsın. O əsr – gözəl əsr idi! Heyif keçən günlərə! Mağıl şaha və fazilə hörmət və beyət var idi. Ta o dərəcəyə kimi ki, o vədə məsum rəiyyət Nikolay kimi axmağın və Rasputin kimi lotunun axmaqlıq və lotuluqlarını görə-görə elə bilirdilər ki, elə belə də gərək olsun. Ta o vaxta kimi ki, millətin nadinc gözüaçıqları avamı başladılar qandırmağa ki, axır padşahlıq ki, var, həmişə və hər bir əsrdə zorbazorluqdan ibarət olub. Xülasə, burada söz uzundur və bir tərəfdən də bu sözlər çox deyilib və bunu hamı bilir, daha bu söz təzə bir söz deyil. Ancaq mən onu istəyirəm deyəm ki, o vədə padşahlıq əsrilə indiki əsrin təfavütü budur ki, o vədə Nikolay kimi bir ağlı kəm bəndeyi-xuda deyirdi ki, “Mən Allah tərəfindən sizə padşah göndərilmişəm və hər nə eləsəm, siz gərək ona tabe olasınız və danışmağa ixtiyarınız yoxdur”. Və bunun nəticəsində o sarsağın başına Rasputin kimi fazil keşişlər cəm olub böyük bir Rusiya məmləkətini və o məmləkətin padşahının arvadını öz əllərində uşaq oyuncağı qayırmışdılar. Amma indi, indi dəxi nə milləti aldatmaq olar və nə də milləti aldadan var. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 mart 1927, №13 * * * Dəyirman Vallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər. “Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz. Sən bu gün İranın başına çöküb onu sahiblənmək üçün cürbəcür hiylələr düzəldirsən. Sabah Misri, Hindi, Ərəbistanı, Afrikanı qarışdırırsan ki, oradan özün üçün mənfəət aparasan; biri gün Çinə əl uzadarsan ki, oranı bir girişməyə udub yeyəsən və lazım olanda da xalqın şəhərlərini oda tutub yandırırsan. Amma mən sənə cürətlə deyirəm ki, sən qəflət yuxusundasan; o səbəbə ki, Sədi də deyibdir: hər bir meşəni sən xali hesab etmə, çünki orada şayəd pələng yatmış ola. Onu gərək biləsən ki, Şərqin milyard əhalili məmləkətlərində çox-çox pələnglər yatıbdır ki, sən indi onları qəddar zülmlərinlə yuxudan oyadırsan. O necədir ki, bu pələnglər bir gün oyanalar və gözlərini cəhalət yuxusundan açıb sənin onlarla rəftarını dərk edələr. O vədə qorxuram peşman olasan: çünki hər bir dəyirman tərsinə də işləyə bilər və sən indi məzlumlara tərəf tuş etdiyin atəşin toplar və tüfənglər o vaxt sənin öz üstünə qayıda bilər. Bəhərhal, inqilab pələnglərindən bir az ehtiyat etməlisən! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 aprel 1927, №14 * * * Uzandırma Şəhərdə “süründürmə” deyilir. Kənddə “uzandırma” deyilir. “Süründürmə”nin mənasını dəxi hamı bilir: çünki qəzet sütunlarında bu ləfzi xeyli vaxt yazdılar. Amma “uzandırma” təzə istilahdır. Bu da kənd istilahıdır. “Uzandırma”nın mənası budur ki, aşağıda təfsir olunacaqdır. Məlumdur ki, qəzalarda, çox yerlərdə “kredit cəmiyyəti” təşkil olunubdur. Bu təşkilatlardan məqsəd zəhmətkeş kəndlilərə puldan və kənd təsərrüfatında lazım olan mayəhtacdan yana əl tutmaqdır ki, dəxi kəndlilər məəttəl qalmasınlar və keçmiş əsrlərdəki kimi sərmayədar hörümçəklərə özlərini satmasınlar. Amma!.. – Ax, nə olaydı ki, dünyada bu zalım oğlu “sabah yox, biri gün” olmaya idi! Burada bir az təfsilat lazımdır. Girəm ki, Şura hökuməti zəhmətkeş əkinçilərə əl tutmaq üçün bir belə kredit cəmiyyətini düzəldib və kəndlərə çoxluca pul və mal göndərib ki, kəndlilərə əlverişli şəraitlə təqsim olunsun. Xub, o – Şura hökumətidir. Amma mən də bu kredit cəmiyyətində müdirəm; yəni padşaham. Əgər mən kəndlilərə xəbər versəm ki, bəli, ayın on altısında çərşənbə günü, məsələn, pambıq avansı, yəni pambıq pulu verəcəyəm və həmin gün uzaq kənddən pambıq əkinçiləri payipiyada gəlib, məəttəl olub, pul almayıb qayıtdılar və sabah da belə, biri gün də belə, – buna kəndli istilahında “uzandırma” deyilir. Bu sözləri qoca Molla əmi zehin ilə yazmır ha! Öz gözü ilə görəndən sonra yazır. Və bu beşinci şura seçkisində intixab olmuş təzə şuralara qoca Molla əminin də tək bircə vəsiyyəti budur ki, bundan sonra, ələlxüsus pambıq əkini dairələrində bu “uzandırma” ləfzinin kökünü elə qazsınlar ki, dəxi gələn ilki şura seçkisində mənim dəxi belə gileygüzarıma bir bəhanə qalmasın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 aprel 1927, №15 * * * Həmi yaxşı, həmi pis, yaxud meymun Bu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri. Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi. Bəli, bu heyvanxananın yaxşı bir sənəti; qaldı o biri məsələ: Hər gün rus və türk qəzetlərində heyvanxana sahibi tərəfindən bir belə elan çap olunur ki, heyvanxanaya daxil olan hər bir adama bir meymun bağışlanır. Onunçün də Bakıda uşaq qalmadı ki, atasından 60 qəpik zornan pul alıb heyvanxanaya getməmiş olsun. Bizim balaca da getdi. Getdi, amma bir saatdan sonra əlində bir qəpiklik bir düdük ağlayaağlaya qayıtdı gəldi: məlum oldu ki, 60 qəpik verib içəri girən uşağa bir meymun göstərib əlinə də bir düdük verib yola salırlar. Demək heyvanxananın həmi xeyri oldu, həmi şəri. Xeyri-məlum. Zərəri də bu oldu çocuqlar dünyaya gələndən burada bəlkə birinci dəfə görürdülər və başa düşürdülər ki, adam aldatmaq nədən ibarət imiş. Xülasə. Cırcırama “Molla Nəsrəddin”, 9 aprel 1927, №15. * * * Abru Abru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər. Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim: – Yəqin məscid çox isti imiş. Bəlkə orada peç yandırırlar. Amma axırda eşitdim ki, arvadların tərləməyinə bais məscidin istiliyi yox, vaizin “Biabır” mövizəsi olubdur. Belə ki, o gün həmən məsciddə Seyid Məhəmməd Hacı Mir Cabbarzadə minbərdə mövizə əsnasında övrətlər ilə kişilərin münasibətinə dair elə qırmızıca və utanmaz söz danışıb ki, orada olan arvadların əti tökülüb. Onun üçün də hamısını tər basıbdır. Burada bildim ki, “Abru”nun mənası nə imiş. Lağlağı “Molla Nəsrəddin”, 9 aprel 1927-ci il, №15 * * * Qızarar Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır. Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar. Bu dəmirin xasiyyətidir. Bu söhbəti mən o səbəbə burada başladım ki, bu axır vaxtlarda, kənd-kəsəyə yolum düşən zaman kənd əhalisilə görüşüb danışanda, təbiidir ki, onlar dünya siyasətindən də əhval-pürsan olurlar və Çin məmləkətində indi vaqe olan hadisələrdən söz düşəndə, avam kəndlilər axırda mənə belə sual verirlər ki, “bunun axırı nə ola bilər?”. O vədə mən kəndlilərə haman yuxarıdakı misalı çəkirəm; deyirəm: – İndi İngilis hökuməti və onun qolu çomaq yoldaşları Şərq zəhmətkeşlərini bir zindan üstə qoyub, böyük çəkiclər ilə tapdalayıb döyürlər. Amma onu düşünmürlər ki, indi səbəbsiz yerə döyülən zəhmətkeşlər döyüldükcə yavaş-yavaş isinməyə başlayacaqlar və isindikcə də üz qoyacaqlar yavaş-yavaş qızarmağa. Amma axırından qorxuram. Səbəb budur ki, zəmani ki, nahaq yerə indi tapdanan Şərq əhalisi mürur ilə isindilər, qızardılar – onda dəxi onlardan elə bir atəş zühur edə bilər ki, istibdad dəmirçixanasının çəkicini də yandırar və dəmirçinin özünü də yandırıb puç edə bilər. Mən bundan qorxuram. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 aprel 1927, №17 * * * Dinc qulağım, yaxud yeddi il Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir. Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir. Yadıma salıram keçmiş günləri və öz-özümə deyirəm: Bari pərvərdigara, dünyada nə yaman günlərə rast gəlmişəm və insanın canı necə bərk olarmış! Məsələn, götürək bu erməni-müsəlman davasını: nə evində rahatca çörək yeyə bilərdin, nə evində rahatca yata bilərdin! Elə istəyirdin ağzına bir dürmək çörək alasan, birdən eşidirdin: “part!” – Ədə nə var? Bəli, xəbər gəlirdi ki, bir ağıllı müsəlman bir ermənini vurub öldürdü. İstəyirdin öz evində rahatca yıxılıb yatasan, birdən eşidirdin: “part!” – Ədə nə var? Xəbər gəlirdi ki, bir ağıllı erməni bir müsəlmanı vurub öldürdü. Qəribə burasındadır ki, bu Şura hökumətindən qabaq o vədəki hökumətlər zahirdə nə əlac eləyirdilərsə, nəticədə bu şoğərib ədavət aralıqdan götürülmürdü və bu iki ağıllı millət bir-birini qırıb qurtarmaqda idi; və bir-birinin ev-eşiyini yandırıb tələf etməkdə idi. Ta ki, yeddi il bundan qabaq Şura hökuməti gəldi. Mən bir fağır mollayam və çox-çox dərin mətləblərdən başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ilin qabaqkı əsrlərini götürəndə ortalığa zəminü asiman kimi təfavüt gəlib çıxır. Belə ki, qabaqlarda iki qonşu bir-birinin canına düşüb vuruşurdu, amma indi ələlə verib bir yerdə çalışırlar. Hansı yaxşıdır? O, ya bu? Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur, ancaq mən öz oxucularıma bunu deyirəm: Yaşasın elə bir hökumət ki, onun tərbiyəsi altında millətlərin birbirinə olan ədavətinin yerində onların məhəbbəti və mehribançılığı möhkəm bir yer tutdu! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 aprel 1927, №18 * * * Mətbuat bayramı, yaxud tacgüzarlıq Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”. Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram. Ağama ərz olsun ki, bu gün mətbuat bayramıdır və bir neçə gün bundan qabaq da İran şahının tacgüzarlıq bayramı idi və İran Konsulxanasında İran təbəsinə şirni paylanırdı ki, ağızları şirin olsun. Xub, nə olsun? Sözün var, söz danış! Ağama ərz olsun ki, burada iranlı qardaşlarımıza bir-iki söz deyəcək idim və yenə demək istəyirdim; ancaq burada bir məsələ var ki, onu gərək gec-tez həll edək ki, heç bir tərəfdə şübhə yeri qalmasın. Sözüm budur ki, indi dünyada iki şeyin, iki qüvvənin, iki ünsürün qonşuluğu çox qəribə və çox məzəli bir işdir: bir tərəfdə Oktyabr inqilabı bayrağı altında yaranan mətbuatın bayramı, o biri küçədə də bir nəfər şəxsin milyonlarca əhalinin başının sahibi olmağının şadlıq günü. Bu çox qəribə bir aləmdir! Bir tərəfdə azad zəhmətkeşlərin bərabərlik və şərakətlə vətəni idarə etməyi, o biri tərəfdə yuxarıdan bir nəfər şəxs aşağıda duran min nəfər dilənçinin ağzına şirni tullayır. Bir küçədə azad mətbuat bayramı, o biri küçədə şahənşah bayramı! Burada bir nöqtəni qeyd etməyi yersiz görmürəm: bu məqalə Tehrana gedib çatan kimi yəqin ki, yenə şah həzrətləri yapışacaq Moskvanın yaxasından. Lakin əbəs yerə! Səbəbi budur ki, “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç dəxli yoxdur: “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır və nə də Şura hökuməti yaradıbdır. Bu bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət eləməyə adətkərdə olubdur. Vallah, “nişi-əqrəb nə əz rəhi-kinəst”. Molla Nəsrəddin “Mola Nəsrəddin”, 5 may 1927, №19 * * * Xan hünəri İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”... Ay sən öləsən!.. Di gəl indi sənə “təzə xanlardan” rəvayət edim... Mən ölüm bu məqaləni axırına kimi oxu! Dünən mənə vəkilimiz Biləcəri stansyonundan xəbər gətirdi ki, orada iki min nəfər türk işçiləri içində ancaq üç dənə “Molla Nəsrəddin” məcmuəsi satılır. Səbəbini soruşduqda cavab verdi ki, “bu iki min işçinin peşəsi vağzalın bufetində araq içib keflənməkdir”. Bunu eşitcək durdum, maşını mindim və getdim Biləcəriyə. Axşam vaxtı idi və fəhlələr tezcə işdən çıxıb, bufetə cəm olub, araq içməkdə idilər. Mən girdim içəri və bunlar mənim burada olmağımı eşidib doluşdular başıma. Mən bir kürsü üstə qalxdım və bunlara bir neçə dəlil-nəsihət edib axırda dedim: – Mən ölüm, əhli-əyalınızın çörək və paltar pulunu bu zəhrimara verib içməyiniz! Qabaqca hamı sakit oldu və “baş üstə!”dən savayı söz demədilər. Amma axırda bir nəfər nataraş oğlu bilmirəm haradan çıxdı və qabağa yeriyib dedi “ərzim var” və mənə belə cavab verdi, dedi: – Axund Molla Nəsrəddin əmi, sən doğru fərmayiş eləyirsən, ancaq bunu da mülahizə ediniz ki, biz avamıq və bir yerdə dərs oxumamışıq, amma təəccüb burasındadır ki, sənin gözün qılı görür, tiri görmür! Əgər içib keflənmək pis şeydirsə, bəs onu niyə demirsən ki, Zaqatalada bir məsul işçi, özü də çox böyük bir məqam sahibi, bayram bəhanəsilə o qədər içib keflənib ki, atı minib çapıb bir milis nəfərinin evinə soxulub, övrəti-uşağı qorxudub, övrətlərə sataşıb. Ta o dərəcəyə kimi xəbər veriblər, qəza icraiyyə komitəsi sədri, mərkəzi kontrol komisyonu üzvü və qeyriləri gəlib, güclə hərifi sakit edib aparıblar. Mən bu cavabı işçi yoldaşdan eşitcək, bir qədər fikrə getdim və qabaqca istədim inanmayam; bu heyndə Tiflis qatarı gəldi dayandı və həmin qatarla Zaqataladan gələn bir nəfər məsul işçi “yeni xanın” hünərini qəti surətdə təsdiq etdi. Sözüm Biləcəri işçilərinin, ya Zaqatala “yeni xanlarının” içib keflənməyi, ya içməyib keflənməkləri xüsusunda deyil; çünki bunun o qədər əhəmiyyəti yoxdur. Ancaq bunun əhəmiyyəti oradadır ki, bu söhbətlər mənim yadıma keçən günləri salır: haman günləri ki, xanlar keflənəndə at minib füqəranın evlərinə soxulardılar və füqəranın övrətlərini bihörmət elərdilər. Ax, gözəl günlər! Heyif ki, bir də o günləri görməyəcəyik! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1927, №20 * * * Bir qətrə göz yaşı Bir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana. Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz. Belə olan surətdə mömin Əli şiəsi qalır mat və məəttəl; çünki bilmir kimə inansın? Qabaqca istəyir axunda inana, sonra görür ki, təbliğatçı yoldaşın sözləri lap da dəyərlidir. Doğrudan da, imama ağlamaqla axirətdə adama huri nədir ki, heç zəhrimar da verməzlər. Amma bu tərəfə baxanda, yəni cavan natiqlərin isbatlı sözlərinə inananda, avam camaat baxıb görür ki, bir para cavanlar özləri də gahdan bir öz tutduqları yoldan çaşırlar; necə ki, məsələn, birisi adını yalandan firqəvi qoyub oruc tutur, hələ bəlkə məhərrəmlikdə ağköynək dəstələrinə xidmət də edir. Söz yox, belə olanda – avam camaat çaşır və bilmir kimə təbiyyət etsin. O səbəbdən biz, yəni axund Molla Nəsrəddin idarəsi tərəfindən, şəhərlərdə və kəndlərdə olan cəmi müxbirlərimizə xəbər veririk ki, hər bir cavan ki, adını yalandan firqəçi və komsomol qoyur və haman vaxtda da qurban və məhərrəmliyə etina edir və avam camaata qarışıb imam təziyəsi kimi oyun-oyuncaqlara rəğbət göstərir, – həmin ikiüzlü cavanların adlarını və mümkün olsa şəkillərini çəkib idarəmizə göndərsinlər ki, biz onların nameyi-əmalını hərdən bir ziyarət edək. “Molla Nəsrəddin” idərəsi tərəfindən “Molla Nəsrəddin”, 19 may 1927, №21 * * * Traktor və əli şiəsi Traktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa. Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir. İndi mən istəyirəm oxucularımıza üzümü tutub, onlara bir belə sual verəm: –Aya, bir kəs ki, fikrində qoya yuxarıda ərz etdiyim iki şeyi birbiri ilə yapışdıra, yəni traktor ilə Əli şiəsini bir-biri ilə qonşu edə, aya bunlar bir-birinə yapışar, ya yox? Mən deyirəm: yapışmaz. Və əgər sən desən ki, “yapışar”, gərək sübut göstərəsən. Amma mənim sübutum var. Sübutum budur ki, Əli şiəsinin artıq vaxtı yoxdur: oruc-namaz, şəkkiyyat, həcc, məhərrəm, səfər və rəbiyəl-axir. Allah bərəkət versin “xış” dəmirinə: keçirdirsən bir ağacın başına, bağlayırsan boz öküzün dalına, azdan-çoxdan bir qədər yeri cızırsan, qayıdıb gəlirsən evinə və umudunu bağlayırsan həmin Allaha ki, istəsə insanı yox yerdən də dövlətli edə bilər. Amma di gəl bu zəhrimar traktora: əvvəl gərək bunun dilini bilən ola. Mömin Əli şiəsinin vaxtı haradan ola bilər ki, onun fəndini öyrənsin və Əli şiəsinə yaraşarmı pak islam əlini traktorun murdar yağı ilə murdarlasın? Əli şiəsi ki, ömründə bir taxtaya bir mismar çalmağı adət etməyibdir, o necə traktorun bir laxlayan yerini, bir sınan hissəsini təmir etsin? Və bundan sonra aya təəccüb etmək olarmı ki, Azərbaycanda işləməkdə olan üç yüz traktorun bir çoxu “usta və ustaxanaların” yoxluğundan, hərəsi bir yerdə “yan üstə yatıb, palçığa batıb” qalıbdır. Nə traktor, nə mexanik və nə texnik? Sən texnikadan danışırsan, amma mən də sənin cavabında İmam axirəzzəmanın zühurundan danışıram. Sən kənd əhalisinin təsərrüfatını qüvvətləndirmək məqsədi ilə onları maşınlaşdırmaqdan danışırsan, amma mən məhərrəmül-həramın yavıqlaşmasından danışıram. Məni çox bərkə qısnama, qadan alım! Mənə çox da traktor-zad əl verməz; çünki mənim vaxtım çox əzizdir. Allah bərəkət versin xışa, cütə və gavi-ahən dəmirinə; çünki mən Əli şiəsiyəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 may 1927, №22 * * * Od və su İngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir. İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su? Bu baxar odla suyu nə cür təfsir edərsən: belə edərsən – belə olar, elə edərsən – elə olar. Bunlar asılıdır İngiltərənin Şuralara və Şuraların İngiltərə hökumətinə nə nəzərlə baxmaqlarından. O ki, Çemberlendir – o, Şuralara deyir ki, “sən odsan”, o səbəbə ki, qabağına hər bir imperialist ki, rast gəlir, onu yandırmaq istəyirsən. Şuralar da İngiltərə hökumətinə deyirlər ki, sən də öz əmlakını və sərvətini artırmaq yolunda lazım gələn yerdə atəş istemal etməkdən geri durmursan. İndi bu iki tərəfin hansı birisi haqdır, – onu tək bircə Allah bilir; necə ki, fikri tənbəl mömün bəndədən hər bir çətin məsələni soruşanda onun cavabını Allaha həvalə edib, öz yaxasını kənara çəkir, bir surətdə ki, Allah özü heç bir dəfə də olsun çətin məsələyə cavab verməyibdir (çünki özü də bilmir). * * * Bunlar hamısı öz qaydasınca və lakin oxucularımız bizdən ha soruşmaqdadırlar ki, bu İngiltərə və Şuralar ədavətinin axırı hara gedib çıxa bilər? Biz də dünyada uzun-uzadı təcrübələri görüb qurtarandan sonra, bu barədə bu əqidəyə gəlirik ki, əvvəla, bu işlər hamısı Allah-taalanın məşiyyətindən asılıdır (əgər Allah-taala doğrudan da varsa). Və saniyən, möhtərəm oxucularımıza (xah nəqd oxucularımıza, xah nisyə oxucularımıza) bunu ərz edə bilərik ki, bu Çemberlendir nədir, – onun bu axırkı atılıb-düşməyindən və Şuralara qarşı xəncər itilətməyindən heç gözüm su içmir və bu ərzimin də təsdiqi budur ki, bu “evi xarab” Şuralar İttifaqı elə bir qayaya dalını dayayıb ki, ağlım bavər eləmir o qayanı asanlıqla vurub yıxmaq ola: bu qayanın adı cahan zəhmətkeşləridir. Və mən elə görürəm ki, Çemberlen rəfiqim, deyəsən, doğrudan da necə ki, deyərlər – odla oynayır; çünki əgər o, xəyalında qoysa da ki, Şuraları vurub yıxa bilər – bəs o necə bu həqiqəti unuda bilər ki, Şura İttifaqı tək deyil: bunun dalında cahan zəhmətkeşləri kimi bir yekə qaya var? Hər halda, odla oynamaqda çox ehtiyat lazım gəlir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 iyun 1927, №23 * * * Yuxum gəlir Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!.. Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur. Bilmirəm burada nə sirr var ki, iki saat, üç saat burada əyləşib müntəzir olsan da, yenə darıxmırsan? Bir də gözünü açırsan və saata baxırsan, görürsən ki, hələ müdir gəlməyib, çünki bu gün onun böyük yerdə iclası var. Yenə də bir neçə gün bundan qabaq bir idarəyə şikayətə getmişdim. Qapıda lövhədə yazılmışdı ki, müdir qəbul edir hər gün saat 12- dən 12 yarımadək, savayı çərşənbə və düşənbədən. Gecə də pis yatmışdım; çünki havalar istiləşib, bu birələr də insana macal vermir. Əyləşdim, amma o gün müdir gəlmədi; çünki böyük bir idarədə iclası var idi. Saat 2 yarımda qulluqçular portfel qoltuqlarında çıxıb dağıldılar. Mən də getdim. Hərçənd o gün də işim düzəlmədi, – çünki baş müdiri görə bilmədim, – amma yuxumu aldım; çünki bir tərəfdən gecəni pis yatmışdım, bir tərəfdən də yumşaq meşin divanlarda bilmirəm nə xasiyyət var ki, eləcə oturan kimi şirin yuxuya cumursan: yat ki, yatasan!. Və hərçənd müdiri görə bilmirsən ki, dərdini ona söyləyib bir çarə alasan, amma bu şirin yuxu yenə insana bir təsəllidir; çünki bu özü də bir nemətdir. Söz yox ki, bu söhbət cəmi idarələr barəsində deyil; cürbəcürdür; elə də olur, belə də olur. Xülasə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 iyun 1927, №24 * * * Qızdırma müalicəsi Qızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər. Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır. Axır vaxtda Ağdamda yeni təbiblər bir yeni dərman icad ediblər. O dərmanın adı “Alkoqoldur” ki, farsca ona şərab deyilir. Türkcə də qıcqırmış üzüm suyu deyilir. Yeni doktorlarımızdan Xındırıstan həkimi ki, adı yadımdan çıxıbdır, bir məvacibdən ötrü gəlib Ağdama. Özü qızdırmalı imiş. Cibi də pulsuz. Pulsuzluğun dərdindən başlayıb şərab içməyə. Bir də görüb ki, qızdırma-zad hamısı getdi işinə. Odur ki, qızdırması gəlməyə yavuqlaşan zaman vurub, lül olur. Qızdırmanın atasını yandırır. Hələ güllücə həkimi də bundan dərs almağa başlayır. Görür ki, kolleqası vurmaq ilə qızdırmanı özündən rədd edir. Bu da başlayır şərab istemal etməyə (gecə və gündüz). * * * Amma Ağdam şəhərinin nizafət doktoru Cilinski daxi yaxşısını eləyir. O, baxıb görür ki, yoldaşları sərxoş olmaqla özlərini qızdırmadan qoruyurlar. Bu da gedir tiryəkxanaya və tiryəkçəkən məşədi və babilər ilə başlayır tiryək çəkməyə. Doktorun tanışları həkimi bu halda görüb, məzəmmət edirlər. Cavabında bu da belə deyir ki, onun tiryək istemal etməyi məhz elmi-təbabətə bir xidmətdir. Belə ki, bundan sonra cümlə cahan ətibbası biləcək ki, qızdırmanın yeganə dərmanı tiryəkdir. Cırcırama “Molla Nəsrəddin”, 23 iyun 1927-ci il, №26, səh.3 * * * Arvada gücləri çatır Bizim qeyrətli cavanlarımız başlarını salıblar aşağı elə köhnə qayda ilə gedirlər: köhnə qayda budur ki, heç bir müsəlman arvadının ixtiyarı yoxdur kişilər ilə üzü açıq danışsın. Amma indi yeniyetmə qadınlarımız bu köhnə qaydanı pozmaq istəyirlər və nəinki yad kişilər ilə danışıb gülüşürlər, hələ bəlkə teatrlarda onlar ilə bir yerdə oynayırlar da. Bu da “qeyrətli” kişilərimizə xoş gəlmir və xoş gəlməyəndə də həmin “qeyrətli”lərimiz bıçağı çəkib soxurlar qadınların ürəyinə. Bakıda Əzməhəmməd Dilavər oğlu övrəti Şirinbanunu bıçaqlayıb öldürür. Şuşada Şahmar Zeynal oğlu maması qızı Leylanı bıçaqlayıb öldürmək istəyir. Qeyri yerlərdə də habelə... Demək olar ki, bu adət bizə atadan, babadan irs qalıbdır: bir vaxt var idi ki, şəriət yolundan çıxan qadınları siyasət etmək hər bir həqiqi müsəlman üçün bir vəzifə, bəlkə bir igidlik hesab olunurdu. Lakin bu qəflətdən ayılmaq vaxtı çoxdan gəlib çatıbdır: zira indiki əsrdə şəriət və qeyrət naminə qadın öldürmək çox da asan olmaya gərək. İndi sən Şuşa şəhərinin qaranlıq küçəsində bir Leylanı tək görüb onu bıçaq ilə doğramağı asan görürsən və lakin bircə şeyi unudursan ki, leylalar tək deyillər, necə ki, bu saat onun yaralanmaq xəbəri ətrafa yayılan tək nəinki şəhərdə, hətta Qarabağın kəndlərindən də qadın təşkilatları tərəfindən vəhşi bıçaqçılara nifrət sədası gəlməkdədir. Savayı ondan ki, Şura məhkəməsi (Şərq qadınlarını bəsləyə-bəsləyə meydana çəkən bir hökumətin məhkəməsi) əlbəttə, vəhşi canilərin “qeyrətini” layiqincə mühakimə edəcəkdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 iyun 1927, №26 * * * İki möcüz Biri vaqe olub min üç yüz il bundan qabaq İraq səhrasında, o biri də vaqe olub həmin iyun ayının 16-da gecə saat 11-də, Kürdəmir vağzalında. Qabaqkı möcüzün təfsili belədir: zəmani ki, həzrət İmam Hüseyn başladı İraq davasına hazırlaşmağa, Ümmisəlimə çox yalvar-yaxar elədi ki, “bala, getmə İraqa, səni orada şəhid edəcəklər!”. İmam bu sözə çox təəccüb elədi və soruşdu ki, “Ey mənim anam! Sən haradan bunu bilirsən ki, məni orada şəhid edəcəklər?”. Ümmisəlimə imama belə cavab verdi, dedi: “Ey mənim övladım! Həzrəti-rəsuli-xuda mənə vəsiyyət edibdir ki, sənə İraq səmtinə davaya getməyə izin verməyim, ondan ötrü ki, səni orada qətlə yetirəcəklər”. Və çün həzrət İmam Hüseyn Ümmisəlimənin sözünə etina etməyib İraq diyarına davaya getdi, o həzrəti orada məlunlar qətlə yetirdilər və həmin gün ki, aşura günü idi, Ümmisəliməyə imamın ölüm xəbərini gətirdilər. Lənətullah əla qövməz-zalimin! İkinci möcüzün də təfsilatı bu qərar üzrədir: zəmani ki, çiyni xurcunlu iki nəfər Kürdəmir kəndlisi iyun ayının 16-da gecə saat 11-də üz qoydular Kürdəmir vağzalının bilet kassasına bilet almağa ki, Bakıdan gələn maşına minib Gəncəyə getsinlər, bunların yoldaşları bu iki kəndliyə məsləhət gördülər ki, pullarını nahaq yerə məsrəf etməsinlər; çünki gecə vaxtı vağzalın səhrasında, vaqon hakimləri bunları vaqona minməyə buraxmayacaqlar. Və lakin çiyni xurcunlular qulaq asmadılar və biletlərini aldılar və maşın gəldi dayandı. Xurcunlu yoldaşlar o yana çapdılar, bu yana çapdılar, – hər bir vaqonun qapısını kəsən əli fanarlı bir Şümrdən elə bunu eşitdilər: “yer yoxdur!”. Ancaq kənarda vargəl edən atası rəhmətlik bir milis nəfəri gəldi və çox yalvar-yaxar ilə xurcunlulara beşinci vaqona daxil olmağa əli fanarlı hakimdən izn aldı. Və halon ki vaqonların hamısında bir neçə boş yer var idi. Bu iki möcüzün sirri burdadır ki, aya Ümmisəlimə nə bildi ki, həzrət İmam Hüseyni məhərrəmin onunda İraq səhrasında qətlə yetirəcəklər və aya söylədiyimiz xurcunlu miniklərin yoldaşları nə bildilər ki, iyunun on altısında Bakıdan gecə saat 11-də Kürdəmirə yetişən qatarın əli fanarlı vaqon müdirləri and içiblər ki, bir nəfər də çiyni xurcunlu və əli biletli miniyə, vaqona daxil olmağa yol verməsinlər? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 iyun 1927, №27 * * * Ruzi-aşura Ağama ərz olsun ki, məhərrəmül-həram ayının onuncu günü aşura günüdür və həmin gün – illərin və ayların ən müəzzəm günüdür; ondan ötrü ki, aşura günü İmam Hüseyn qətlə yetişibdir. Həmin günün dəxi də bir neçə fəziləti var ki, bu gün matəmi-İmam Hüseyn münasibətilə aşuranı möhtərəm qarelərimizə tərif etməyi fərz bilirik. Əvvələn, tarixi-müqəddəsə müraciət edib görürük ki, məhərrəmül-həramın onuncu gününə bari pərvərdigarın qədimdən iltifatı var imiş. Belə ki, Adəm peyğəmbərin tövbəsini Allah həzrətləri o qədər qəbul etmədi ki, məhərrəmin onu daxil oldu və məhz onuncu günü qəbul etdi. Adəm peyğəmbərdən keçəndən sonra gəlib çatırıq Nuh peyğəmbərə və burada da baxıb görürük ki, Nuhun gəmisi məhərrəm ayının onunda Cudi dağının təpəsinə dirənib orada qərar tutdu. Sonra İbrahim peyğəmbər də və İsa peyğəmbər də məhərrəmin onunda təvəllüd tapıblar və həmin gündə Yusif quyudan xilas olub, Yəqubun gözləri işıqlanıb və Yunis peyğəmbərin qövmü əzabdan xilas oldu. Dübarə, tarixi-müqəddəsdən belə məlum olur ki, ac toyuq yatıb yuxusunda darı görüb və ingilis peyğəmbəri Çemberlen də yatıb yuxusunda Bakı neftini görübdür; amma hər ikisi yuxudan ayılıb baxıblar ki, nə darı var, nə Bakı nefti. Yenə qədim tarixə əl atanda görürük ki, Suraxanıda iki kükürd hamamı var: birində nəğd pul verib çimirlər, o birində sığorta idarəsindən kağız gətirib “mən ölüm”ə çimirlər. Qabaqkında camaat qayda ilə və ədəb ilə çimib öz vaxtında hər kəs qoyub gedir evinə, amma sığorta hamamında qabaqca kişiləri çimdirirlər, qadınları lap axşama saxlayırlar ki, bunlar qaranlıq düşəndə Suraxanı səhrası ilə evlərinə qayıtsınlar. Və həmin gün də məlunlar imam Hüseyni qətlə yetirdilər, onunçün də Bəni-Üməyyə aşuranı bayram saxlayırlar. Və eyzən cənab studəadab Ağa Məhəmməd və onun bə-radəriərciməndi Ağa Qulam Hüseynin rəvayətinə binaən məhərrəmül-həramın onunda gözə sürmə çəkmək həramdır və aşura günü Süleyman peyğəmbərin əmlakını özünə qaytarıblar (xanların paxıllığı tutacaq ha!) və məhərrəmül-həramda Buzovna kəndində kəndliləri nə məscidə qoyacaqlar ki, orada baş yarsınlar, nə də sabit Nobelin bağına qoyacaqlar ki, orada gəzib dolansınlar və kino şəklinə tamaşa eləsinlər. Fəda olum sənə, ey gözə görünməyən pərvərdigar! Rəhmin gəlsin təşnələb bəndələrinə! Fəda olum sənə, ey məzlumi-Kərbəla! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 iyul 1927, №28 * * * İran meyvələri, yaxud əli qələmli vaizlər Hərdəm əz in bağ bəri mirəvəd. Gözəl məmləkət, müqəddəs vilayət, mübarək torpaq, dindar millət, pakdamən əhali, Əli şiələri... Xoşa sizin halınıza! Vaqeən xoşbəxtdirlər o insanlar ki, mahi-məhərrəmül-həramın əsrində İran qəzetlərini oxumağa nail olurlar!.. Necə səadət! Necə ləzzət! Ləzzəti-ruhani-ki, ləzzəti-üxrəvi! Vaqeən özgə cürə ola bilməz; səbəb budur ki, bir vilayətdə ki, yövmi-aşurada yer və göy titrəyir, çaylar dayanır, daşlar ağlayır, ot və ağacların rəngi bir günün içində saralıb sarıkökə bənzəyir, bir belə müqəddəs vətənin əhli qələmləri və qəzet yazanları da əlbəttə öz qəzetlərini gərək Hüseyn qarasına geyindirsinlər, növhə desinlər və mömin müqəddəs oxucularını ağlatsınlar; elə ağlatsınlar ki, Naxçıvanın firqəçi seyyid Bağır ağalarından geri qalmasınlar. İrandan məhərrəmül-həramda idarəmizə gələn farsi ruznamələr imam təziyəsi münasibətilə qan ağlayırlar. Əlbəttə, bir para şəkkak qəzetçilər İranda da tapılır; necə ki, iyirmi il bundan qabaq Tiflis kafirləri içində çıxan türk jurnalları şəbihbazlığa və zövci-axərə lağ eləyəndə Bakıda milyonçuların pulu ilə nəşr olunan türk qəzetləri şeyxlərə və qazılərə, məscidə və minbərə havadar olurdular. Xülasə... İrandan məhərrəmül-həramda idarəmizə gələn qəzetlərin biri baş məqaləsinin axırında belə yazır; yazır ki, İran qədimül-əyyamdan “məhdi-hübbi-Hüseyni” sayılıbdır, onunçün də aşura günü cəmi Əli şiələri ilə biz ruznaməçilər də gərək qan ağlayaq. Amma Molla Nəsrəddin əmi də belə yazır; deyir ki, hər bir ağacın iki ucu olar: bir ucunda imam məhəbbəti, məhşər qurğusu, mövhumat və muzəxrəfat. O biri ucunda da savadlı olmaq, dünya elmlərini bilmək, məmləkəti texnik və sənaye ilə yüksəltmək. Bu ağacın hansı bir ucuna yavuqlaşmaq istəsən, o biri ucundan uzaq düşəcəksən. Və əgər doğrudan da gecə və gündüz məsciddə vaxtını axirət qazanmağa sərf edəcəksən, o vaxt iranlı qardaşlar kimi texnik və təməddündən bilmərrə uzaq düşüb müntəzir olacaqsan ki, görüm Yevropa kapitalist hökumətlərinin hanki biri mədəniyyət gətirmək bəhanəsi ilə gəlib vətənini əlindən alacaq və səni özünə əsir edəcəkdir. Bax gör, hansı məsləhətdir, elə də elə: ağacın ya bu başını götür, ya o başını. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyul 1927, №31 * * * Pak neft və murdar neft İngiltərə vaizi ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qismdir: bir qismi murdar və bir qismi pakdır. Vaizin mülahizəsincə murdar neftlərin cərgəsinə Şuralar nefti də daxildir. Bunu qabaqca ərz edirəm ki, mən murdar və pak nəsihətlərini indiyədək ancaq məscid moizələrində eşitmişdim və indiyədək elə bilirdim ki, pak ona deyərlər ki, əli dəstəmazlı ola və murdar ona deyərlər ki, binamaz ola və məscidə getməyə; necə ki, məsələn, rus, erməni və binamaz müsəlmanlar. Neftin də sifətlərinə gəldikdə mən eşitmişdim ki, neft ya xalis olar, ya su ilə qarışıq olar; necə ki, Şuşa qalasında dükanlarda satılan neft. Bu qədər var ki, neftin pak və murdar olduğu söhbəti qədim söhbətdir: hələ Nəsrəddin şahın əsrində amerikalılar İrana gəlib neft mədənlərini tapanda və İran neftini çıxartmaq imtiyazını istəyəndə müctəhidlər şaha ərz elədilər ki, dəxi bu neft murdar oldu getdi. Onunçün də o vaxt İran hökuməti asanlıqla neftin imtiyazını başından “rədd” elədi və çox da yaxşı elədi; çünki İran öz yaxasını kənara çəkəndən sonra, bu otuz ilin müddətində ağır-arxayın öz ibadətinə məşğul olub, qulağı dinc tamaşa edir. Nəyə tamaşa edir? İngilislərlə amerikalıların İran nefti üstə bir-birilə it kimi sümük üstə boğuşmaqlarına. Demək, “murdar” sözü təzə bir istilah deyil; bunu ingilislər İran müctəhidlərindən öyrənib yadda saxlayıblar və indi də uzaqdan-uzağa Şuralar İttifaqının neftinə baxıb qalıblar mat-məəttəl. Əlbəttə, əgər gedib zor ilə Şura neftinə sahiblənmək olsa idi, pəh, pəh, pəh, nə gözəl olardı!.. Nə qədər milyardlara asanlıqla sahib olmaq olardı! Amma çifayda? Şura zəhmətkeşi qoymayacaq. Bəs nə eləmək? Mən də acıqnan deyərəm ki, Şura nefti murdardır. Tülkünün əli ağacdakı üzümə çatmayanda deyir: “murdardır”. Həriflərin əli Bakı neftinə çatmayanda deyir: “murdardır”. Bir surətdə o da yalandır, bu da yalandır; murdar o şeyə deyərlər ki, ona binamazın yaş əli dəyə. Amma cəmi əli dəstəmazlı keçəl və bitli Əli şiələri həmişə pakdırlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 sentyabr 1927, №36 * * * Allah var, yaxud çəki daşları Hər kəs desə “allah yoxdur” – bil ki, yalan deyir. Axı insanın ağlı var; bəs bu dünyanı kim yaradıb? Hələ dəlili-əqli kənarda qalsın: bəs yüz iyirmi dörd min peyğəmbərə nə deyirsən ki, bunlar hamısı bir-birinin dalıyca Allahın varlığını təsdiq ediblər? Mən ki, öz tərəfimdən Allahın da varlığına etiqad edirəm, Nuxada Molla əminin yazılarını təkzib edən komisyonun da varlığına etiqad edirəm, necə orada da və burada da peyğəmbərlər tərəfindən mütəvatir rəvayətlər sadir olubdur. Allahın varlığına hər qədəmdə min şəhadət tapmaq olar: götürək, məsələn, xüsusi alverçilərin əhvalatını. Bir vaxt var idi, ağzıqəşənglər camaatı az qalmışdı inandırsınlar ki, bu kooperativlər ki, hər küçə və bazarda göbələk kimi baş qaldırıb, xüsusi alverçilərin evini yıxacaqdır. Bəs necə oldu? Qurban olum Allaha, kim deyir ki, Allah yoxdur? Doğrudan da əgər kooperativlər düzlüklə, qayda ilə və Lenin göstərdiyi üsul ilə başlayalar camaata malı öz qiymətinə satmağa, onda daha xüsusi alverçilər başlarına haranın daşını salsınlar? Və axırda elə də oldu: az qalmışdı ki, kəblə baqqallar və Hacı əttarlar ev-eşiklərini satıb-sovub, Marağaya və Həmədana qaçsınlar. Ax, fəda olum sənə, ey gözə görünməyən pərvərdigar! Di gəl, dəxi niyə durmusan? Məgər görmürsən ki, əli-dəstəmazlı tacirlərin dəxi malı birə-on satmağa həsrət qalıblar!!! Burada xəllaqi-aləmdən hökm olundu ki, girvənkə daşlarından savayı “kilo” və “qram” daşları da icad olunsun. Vacibəl-vücudun həmin hikmətli fərmanı icra olunan gündən, xah böyük şəhərlərdə, xüsusən, kiçik şəhərlərdə, qəsəbə və kəndlərdə xüsusi alverçilərin dükanları başladı hər cür və hər qism çəki daşı ilə dolmağa: köhnə girvənkə, təzə kilo, qulplu daş, qulpsuz daş, ağ daş, qara daş, balaca və böyük daş... Qoca nənəm həmişə bizə deyərdi: Ay bala, özgənin bədbəxtliyinə heç vaxt gülməyiniz; yoxsa sizin də başınıza gələr. Biz də o qədər İranın qulpsuz və peçatsız qara daşlarına güldük ki, axırda öz başımıza gəldi; belə ki, bu saat şəhərlərdə və xüsusən kəndlərdə, nəinki kəndlilərin, bəlkə dünyagörmüş şəhərlilərin bu kilo və girvənkə daşlarından başı çıxmır. – Mənə bir girvənkə qənd ver! Burada iş qalıb dükançının insafına: hər nə daş qoysa, qoyacaq; çünki bilmirsən kilo nədir, girvənkə nədir, qram nədir. Hamısından yaxşısını bircə Allah-taala bilər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 sentyabr 1927, №37 * * * “Kusi-rehlət” Oktyabr inqilabı bayramı münasibətilə Xəcil onkəs ki, rəft kar nəsaxt, Kusi-rehlət zədənd bar nəsaxt. Sədi Gərək hər bir kəs öz sözünü danışsın. Onunçün mən Molla Nəsrəddin ancaq molla sözü danışacağam; çünki özüm də mollayam. Söhbət Oktyabr inqilabının on illik bayramı barəsindədir. Və çün axır vaxtlarda eşidirəm və qəzetlərdə oxuyuram ki, Şura məmləkətlərinin zəhmətkeşləri Oktyabr inqilabının on illik bayramını saxlamağa hazırlaşırlar və çün digər tərəfdən də mən baxıram ki, bu söhbətlərin içində heç mollaların adı çəkilmir, o səbəbdən mən burada öz həmsinif və həmkarlarım barəsində bir neçə söz demək istərdim. * * * Bunu da ərz edim ki, mollaları Oktyabr inqilabına qatmağa mən özümü haqlı sanıram; səbəb budur ki, əgər Oktyabr inqilabı bayramı doğrudan da zəhmətkeşlərin bayramıdır, o surətdə mollalar hamıdan artıq bu hərbin dəstəsinə məslək ola bilələr gərək. Zira ki, əgər sən zəhmətkeşliyi şərtə qoyursansa, bu saat Novxanıda mollalar öz dallarında daş daşıyırlar ki, təzə məscid tiksinlər. Bəs, bu zəhmət deyil, nədir? Burada Novxanı məscidinin tikilmək söhbətini nəzərə çəkməkdə mən onu istəyirəm deyəm ki, sair zəhmətkeşlərlə bərabər plov zəhmətkeşləri, yəni mollalar da Oktyabr inqilabının on illik bayramını yad etməyə hazırlaşırlar; çünki onlar belə ağır zəhmətlə, dallarında daşıdıqları daşdan tikilən dükanları, yəni məscidləri hazır olan kimi həmin behişt sahibləri çıxacaqlar minbərə və avama belə moizə edəcəklər: – Pullarınızı bizə gətirin və behiştdə özünüzə yer götürün, Oktyabr inqilabına uymayınız, inqilabdan-zaddan sizə haray yoxdur, məscidə toplanın, qəbir evinizi abad etməyə hazırlaşınız... Oktyabr inqilabının on illiyi şahın Təbriz səfərinə təsadüf edir. Orada da plov zəhmətkeşləri, yəni mollalar şahın ziyarətinə müşərrəf olub, soruşdular ki, aya, doğrudurmu ki, şah həzrətləri övrətlərin çarşabını götürmək istəyir? Və Rza şah mollalara “yox” cavabını veribdir. Bu söhbətlər hamısı gələcək üçün böyük bir yadigar olacaq. Səbəb budur ki, Oktyabr inqilabının ikinci onillik bayramını saxlayan vaxt bu günləri və bu işləri yada salacayıq və o vədə deyəcəyik: – On il bundan əqdəm inqilabın birinci onilliyində Novxanıda təzə məscid tikilirdi. Və Təbrizdə, yəni İranın ikinci paytaxtında, övrətləri mollalar çarşab içində çürüdəndə azadixahlardan bu barədə bir iqdamat görmürdük və eşitmirdik. Bunlar hamısı yadigardır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 sentyabr 1927, №38 * * * Şura qadınları Oktyabr ayının ikisində, Bakıda şura qadınlarının və zəhmətkeş qadınların bir böyük yığıncağını gördüm. Və hamısını üzü açıq gördüm. Və hamısını naməhrəm kişilər içində danışan gördüm. İndi burada bir məsələ var: bu iş, yəni min nəfər qadının bir yerə cəm olub azad danışmaqları da yaxşı işdir, ya pis işdir? Və bu barədə hərənin bir əqidəsi var: bir para təzə cavanlarımız axır vaxtlarda qadınları başdan salıblar ki, guya qadın da kişilər tək bir insandır və yaramaz ki, qadın kişinin qabağında əli bağlı dursun və ona qul olsun. Amma belə göyçək danışanlar bunu unudurlar ki, dünya başına deyil ki, hərə ağzına nə gəlir danışsın və qadın da nə bilir eləsin. Heç bir an da gərək bunu nəzərimizdən çıxarmayaq ki, bu dünyanı bir xəlq edən var ki, onun min bir adı var və o adların biri də cənab Allahdır ki, nə yeri bəllidir, nə məkanı var, nə yerdədir, nə göydə və dünyada yaşayan insanlar hələ indiyədək bilmirlər ki, haman cənab Allah haradadır və nəyə məşğuldur. Xülasə, sözü uzatmayaq və mənim də müxtəsərcə ərzim buradadır ki, haman yox olan cənab Allah tərəfindən bir neçə müqəddəs kitablar nazil olub ki, onların ən axırıncısı Qurani-şərifdir ki, əgər biz durub onun müqəddəs səhifələrini vərəqləsək, elə bir sözlərə gəlib çatarıq ki, əgər haman ayələrin bir parçasını oxuyub onları təfsir etsək və onların məzmununu indiki üzüaçıq qadınlarımıza bəyan etsək, o vədə o qadınlar görə bilər ki, onların cümləsi öləndən sonra behişt nədir, huri və qılman nədir, bəlkə cəhənnəmin dib bucağında cız-vız yanıb kül olacaqlar. Heç uzağa getmə; götürək fürqani-kərimin qadınlar barəsində danışan “surətül-nisa” səhifələrini: aya bir qadın ki, dini-mübini-islama mənsubdur, aya bu qadın, kişisi razı olmasa, bir iş görə bilərmi və bir yana bir qədəm basa bilərmi? Və əgər haman qadın, nəuzübillah, dilim lal olsun, kişisinə təbiyyət göstərmək istəmədi, onda kişiyə haman surənin ayətinin mövcibincə nə qədər ixtiyar verilir? Məsələn, övrəti söyə bilər? Yaxud döyə bilər? Siz mənim bu sualımın cavabını haman surənin 36-cı ayəsində axtarmağa məşğul olun, mən bir tənəffüs edim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 oktyabr 1927, №41 * * * Üzr istəyirəm Sənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin. Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır. Zəhmətkeşlər tərəfindən gələn cavablardan belə anlaşılır ki, Şura hökuməti dairəsində cəmi zəhmətkeşlər bunu anlayıblar ki, hər bir məmləkətin tərəqqi və təalisi elm, fənn və sənayenin tərəqqisindən asılıdır və bu səbəbdən cəmi zəhmətkeşlər sənaye istiqrazına kəmaliməmnuniyyətlə iştirak etməlidirlər və edirlər də. İman əhllərindən gələn cavabların da məzmunu belədir ki, bu dünyada nə qədər istehsalatı artırsan da, yenə axırı ölümdür; onunçün də ağıllı adamlar keçmiş zamanda deyiblər: Lacərəm, mərdi-aqilü kamil, Nənəhəd bər həyati-dünya dil. Bəs, ey əzizim, bu beş günlük dünyada gərək bir an da qafil olmayasan və bunu gərək biləsən ki, sənin boynunda bir müqəddəs vəzifə var, o da ibarət olsun çəhardəh məsumi ziyarət etməkdən və bu vəzifəni hər gün və həmişə sənin yadına salan var ki, ibarət olsun islam ümmətinin məxsusi çavuşlarından: Naxçıvanda axund Cəfər molla Tarıverdizadədən, Lənkəranda Seyid Qulam Seyidəlizadədən və Danabaş kəndində Məşədi Hüseynquludan və qeyri yerlərdə də öz qaydası ilə. Bəs, ay əzizim, sən sənaye istiqrazına yazılmaqla elə bilmə ki, daha sən öz vəzifəni bitirdin. Bunu həmişə gərək yadında saxlayasan ki, bundan başqa sənin boynunda daha qeyri bir sənaye istiqrazı da var ki, o da ibarət olsun ətəbati-aliyatın “makler”ləri hesab olunan, adları zikr olunan çavuşların “zəvvar” siyahisinə yazılmaqdan. İndi bax öz məsləhətinə: Ya bura yazıl, Ya oraya yazıl. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 oktyabr 1927, №42 * * * Din söhbətləri Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar. Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar? Yaxud elə bilir ki, dünya başlıbaşınadır, hər nə eləyirsən elə; ta bunu düşünmək istəmirlər ki, bu dünyada hər nə bir iş ki, tutursan, onun ruzi-məhşərdə məsuliyyəti var; necə ki, xudavəndi-aləm öz müshəfişərifində buyurubdur ki, fəmən yəməlu misqalə zərrətün xeyrən... və ilax; yəni hər kəs ki, bu dünyada bir misqal qədərində xeyir iş tutmuş olsa, o qədər də onun xeyrini görəcəkdir. Və nə qədər şər iş tutsa, yenə ona görə onun nəticəsinə nail olacaqdır. Bəs, əzizim, bu söhbətlər əbəs yerə deyil və əbəs yerə bu kitabları milyonerlərin pulu ilə qazılarımız çapa verib ortalığa qoymayıblar ki, müsəlmanlar oxusunlar və bilsinlər ki, hər bir kəs gedib iznsiz bir milyonçunun bir qəpiyinə əl vursa, onu axirətdə cəzalandıracaqlar ki, qeyrilərinə də ibrət olsun, ta gedib mülkədarların on min desyatində mülkündən iznsiz işğal etdikləri yer qəsb olar, orada nə dəstəmaz almaq olar, nə namaz qılmaq olar. Bəs, ay əzizim bunu bil və eşit ki, bu dünya başına deyil ki, sən kənddən-kəsəkdən naməhrəm arvadları yığasan və onlar da üzüaçıq başlayalar nitqlər söyləməyə; bir surətdə harada görülübdür ki, arvad nitq söyləyə, o da üzüaçıq naməhrəm kişilərin içində və bir naqisül-əql arvad xəlayiqinin nitqindən nə fayda hasil olacaq? Məgər eşitməyibsiniz ki, bari-pərvərdigara fürqani-məcidində buyurubdur ki, əlricali əleyhünnə dərəcətü, yəni kişilərin dərəcəsi arvadlardan artıqdır və məgər Qurani-şərifin bu ayeyi-mübarəkəsini oxuyan bir insaf əhli bir də deyə bilər ki, arvad kişi ilə hər bir hüquqda bərabər olmalıdır? Xeyr, xeyr. Bu axır vaxtlarda qulağıma çatır ki, guya bəzi yoldan azmışlar hər bir şeyi qurtarandan sonra və hər bir deşiyə əl uzadandan sonra, Allah həzrətlərinə də, nəuzübillah, sataşmağa iqdam edirlər. Və hətta eşidirəm ki, bu yolda cəmiyyətlər də qərar verirlər, Allahsızlar cəmiyyəti də təşkil eləməyə hazırlaşırlar. Əvvəla, mən bu sözlərə heç də inanmıram və inana da bilmərəm; o səbəbə ki, nə qədər fikirləşirsən, yenə baxıb görürsən ki, bu yerigöyü bir yaradan var. İndi söhbət o yerə gəlib çıxır ki, bəs hanı o Allah və haradadır o Allah? Elə bir para ağlı zəifləri şəkkə salan bu məsələdir ki, bəs o Allah dediyin haradadır? Və dünya yaranandan indiyədək yer üzünün tayfaları cənab Allahın yerini və məkanını axtarmaqdadır. Qədim peyğəmbərlərin bir parasına həmin bu sualı verəndə cavab ediblər ki, Allah-taala göydədir və hətta Musa Əleyhüssəlam Fironu vəhdaniyyətə dəvət edəndə Fironu başa salmaq istəyirdi ki, Allahtaalanın məkanı asimandır, onunçün də Fironi-məlun öz vəziri olan Hamana hökm etdi ki, Misir camaatını toplasın və çox uca bir qala qayırsın, ta ki, o qalanın üstünə çıxıb Allahı görmək mümkün olsun. Və elə ki, neçə-neçə illərdən sonra qala hazır oldu və Firon çıxdı ən uca hesab olunan qəsrin təpəsinə və yenə orada Allahı tapa bilmədi, onunçün aşağı endi və camaata xəbər verdi ki, Musa yalançıdır. Çünki yalandan deyir ki, Allah var (Əstəğfürullah rəbbi və ətubillah). Demək, Allahın varlığını inkar etmək söhbəti təzə söhbət deyil, qədim söhbətdir; bu söhbət haman söhbətdir ki, Musanın möcüzələrinin (yəni indiki istilahda fırıldaqlarının) qabağında Firon onun bicliyini duyub, məcbur olub cavab verməyə ki, Allah yoxdur. Mən öz tərəfimdən burada bir söz demirəm; yəni nə hə deyirəm və nə yox deyirəm, çünki desəm Allah var, gərək doğrudan da yerini göstərəm və necə də göstərə bilərəm ki, nəinki, Misrin uca qalalarından baxıb Allahı görə bilmədilər, hətta Yunkersin aeroplanından baxıb Allahı görə bilmirəm. Desəm də Allah yoxdur, onda da qorxuram ağzım quruya, dilim lal ola (Əstəğfürullah rəbbi və ətubillah). Dəli “Molla Nəsrəddin”, 27 oktyabr 1927, №42 və №44 * * * Qəzalarda yol məsələsi “Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı. Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi. Söhbət burada idi ki, qəzalarda kəndlə kənd arasında çəkiləcək yollara kənd əhalisi özü gərək kömək versin, nəinki əlini əlinin üstünə qoyub gözləsin ki, görüm nə vaxt mərkəzi hökumət pulları kisələrə doldurub gətirib kəndlilərə paylayacaq və bir az da yalvaracaq ki, durun özünüzə yol qayırın. “Kəndli qəzeti” də məsələni bu mənada həll eləmək istəyir və deyir ki, kənd arasında yolları təmir eləmək barəsində kənd əhalisinin özündən də hərəkət və təşəbbüs olunsun və əgər belə olmasa, tək bircə hökumətin öhdəsinə bu vəzifəni qoymaq olmaz; necə ki, dünyada heç bir məmləkətdə də görsənməyib ki, hökumət kəndlərin təmir olunmuş yolunu hazırca gətirib kəndlilərin ovucuna qoya. Amma burada elə bir nöqtə var ki, ona lazımınca diqqət olunmayıb; onunçün mən möhtərəm qareləri məsələdən hali etmək niyyəti ilə bu aşağıdakı bir neçə sətri burada dərc etmək istəyirəm. * * * Yol söhbətini ortaya salan heç bir qələm sahibi gərək unutmaya ki, yol deyəndə biz gərək bunu mülahizə edək ki, aya sən hansı yolu deyirsən? Sən gərək bunu yadından çıxarmayasan ki, söhbət Azərbaycan torpağı yolları barəsindədir. Azərbaycan əhalisi – necə ki, məlumdur, – müsəlmandırlar və bunlara Allah-taala tərəfindən müəyyən yol göstərilib və o yolu bizə Allah-taalanın peyğəmbəri seyyidül-mürsəlin müəyyən surətdə nişan veribdir; o yolun adı siratül-müstəqimdir. Ehdina siratül-müstəqim, bari pərvərdigara, biz yazığıq, rəhmin gəlsin bizə, bizi cəhənnəm oduna giriftar etmə, bizi düz yola hidayət elə; bizi o yola tuş etmə ki, onu Şura hökuməti bizə göstərir. Bizə nə araba yolu lazımdır, bizə nə avtomobil yolu lazımdır, bizə nə dəmir yolu lazımdır. Bizi hidayət elə haman yola ki, siratəlləzinə ənəmtə əleyhüm; o yolu göstər ki, iman əhllərinə göstərmisən. Yoxsa bizə traktor yolu lazım deyil. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 oktyabr 1927, №43 * * * Əsatiri-əvvəlin starıe skazki Dili qurusun mədinəlilərin! Əlləri qurusun Əbuləhəbin! Haqqı inkar etmək – o məlunlardan qalıbdır. Çünki Qurani-mübarək ayati-gövhər-misalini eşidəndə Əbuləhəb büsbütün inanmadı, mədinəlilər də cavab elədilər ki, eh, biz bu sözləri çoxdan eşitmişik; bunlar əsatiri-əvvəlindirlər, bunlar qədim nağıllardandır. (Lənətüllah əla qövməz-zalimin!) * * * Qəribə burasıdır ki, min üç yüz il bundan qabaq qaranlıq Mədinənin cahil əhalisi indiki əsrimizin içəri şəhərlilərinə nisbətən gör nə dərəcədə azadə fikir idilər ki, Məhəmməd peyğəmbərin qabağına çıxıb onun Quranını “əsatiri-əvvəlin” adlandırdılar. Amma hal-hazırda, Oktyabr inqilabının onilliyində, Bakının İçərişəhərində bir nəfər Ət ağa adlı müqəddəsin zibilli qapısı qara camaat üçün ziyarətgah qərar verilib və “ağa”nın qabağına bir nəfər adam cürət eləyib çıxmır ki, desin: – Ay biçarə camaat, bu ət parçası bir diri cənazənin özu nədir ki, ondan siz gözlədiyiniz nicat da nə ola?! Bu il yenə “ağa”nın qapısında cəlal var idi: heç indiki əsrin şah və krallarını da camaat belə təntənə ilə şəhərdən yaylağa aparıb və yaylaqdan şəhərə gətirməmişdi. Köç karvanının bir ucu burada idi və bir ucu orada. Və belə bir mənzərəyə tamaşa edə-edə mən öz könlümdə deyirdim: Doğrudur, Oktyabr inqilabı çox dağları deşdi və qayaları sındırdı ki, öz məqsədinə çatsın və elə bilirəm ki, çatdı da. Amma bu İçərişəhərin şarlatanlarının qalasını uçurmaq, onların “əsatiri-əvvəlinini” pozub dağıtmaq və İçərişəhərin qara müsəlmanlarını bu şarlatanlardan azad etməkdə deyəsən Oktyabr inqilabı bir az təxirə düşdü. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 oktyabr 1927, №44 * * * Oktyabr inqilabı və şaxsey Oktyabr inqilabı barəsində çoxları çox şey yazırlar və hey yazmaqdadırlar, amma mən qorxuram bir şeyi unudub yaddan çıxaralar. Gərək biz hamımız bunu etiraf edək, yəni boynumuza alaq ki, Oktyabr inqilabı bir para insanları işdən salıb, lap bədbəxt elədi. Mən o adamları deyirəm ki, mahi-məhərrəmdə onların ixtisası, onların peşəsi imam təziyəsinin “yubiley” bayramını icarəyə götürmək idi. Bu da hamının işi deyildi: hər şəhərdə bir nəfər, ya bir neçə nəfər təziyə podratçısı var idi ki, bunlar məhərrəm qabağı şəhərə düşüb, əllərində siyahı, müsəlmanlardan pul yığardılar; necə ki, ərz olundu hər şəhərin öz müəyyən məhərrəmlik podratçısı var idi ki, bir paraların adlarını keçən vaxtlarda idarəmizə yazıb bildiriblər. Yadımızda qalan bunlardır: Gəncədə Hacı molla Mirmurtuza, Qalada şeyx Möhsün qəssab, Yerevanda Kəblə Zülfüqar, Naxçıvanda Hacı Şeyx Əli və Hacı Hüseynəli, Şamaxıda Hacı Məcid əfəndi və qeyriləri. Cəm olunan pullar nəyə sərf olunardı? – Çaya, qəndə, limona, tütünə, qəhvəyə, imam qarasına və imam yolunda çalışan hədsiz Allah bəndələrinə ki, ibarət olsun məscid və minbər xadimlərindən, şəbehgərdan dəstələrindən və şaxsey dəstəsində ağ alıb qanı tökülənlərdən. Və pul da az yığılmazdı: çox vaxt olardı pulun say və hesabına yetişmək mümkün olmazdı, savayı ondan ki, minbərlərdən mərsiyəxanlar bəy və xanlardan və tacirlərdən vüsul etdikləri pulların miqdarı on minlərlə sayılardı. Bu belə. Amma indi zəmani ki, biz indi bu şaxsey dəstgahını qədəğən etdik, doğrudur, bu tərəfdən yaxşı oldu, pis olmadı; səbəb budur ki, hər il şəhərin lotu-potuları, keçəl və küçəl bambılıları hərə əlinə bir zopa alıb düşərdilər küçələrin canına və anqıra-anqıra şəhəri dolanıb bikar və avam arvadları və qızları özlərinə tamaşa elətdirərdilər və aşura günü də başlarını yarardılar və bir parası bədənlərinə küt nizə və bıçaq keçirərdilər. Hələ bir saatlığa tutaq ki, bu iş yaxşı oldu (yəni yaxşı oldu ki, bu bambılılar getdilər öz kəsbkarına). Amma bəs məhərrəmlik ticarətinin batmağına və o yazıq təziyə podratçılarının işdən düşməklərinə nə deyirsən? Bu yaxşı olmadı və buna Allah da şahiddir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 noyabr 1927, №45 * * * Məşğuliyyət Doğrusu budur ki, biz bakılıların çoxdandır ki, qulağımız buna adətkərdə olmuşdu ki, Bakıda, ələlxüsus Bakı rayonunda, hərdən bir parta-part düşə: “Vodə, bu nədir?” “Nə bilim, filankəs vurdu, filankəsi öldürdü”. Doğrusu budur ki, belə işlərin özü bir məşğuliyyətdir; yoxsa, vallah, bikarçılıqdan adamın başı şişir. Amma, baxıb görürəm ki, bir-iki ildir ki, Bakıda və xüsusən Bakı ətrafında deyəsən sakitlikdir. Bu, əlbəttə, pis şey deyil; amma, vallah, bikarçılıqdan az qalır adamın beyni qaralsın. Bu barədə mənim gileyim tək bircə Bakı milis təşkilatındandır; səbəb budur ki, hər bir yanda bir nəfər igid başını qaldırmaq və öz rəşadətini göstərmək istəyirsə, baxıb görürsən ki, milis nəfərləri fövri atlandılar, tüfəngləndilər və düşdülər çöllərə ki, nə var-nə var, biz gərək filan qulduru tutaq, filan qaçağı tapaq. Misal üçün götürək Xızı dairəsində bir nəfər Allah bəndəsi Mirzə Baba Baxış oğlunun əhvalatını. Bunun günahı nə idi ki, Bakı milisləri hücum çəkdilər və kişini narahat etdilər? Mirzə Babanın günahı o idi ki, tək bircə nəfər kəndlini öldürtmüşdü ki, kəndlinin göyçək arvadı Mirzə Babaya qalsın. Yaxşıca da fürsət ələ düşmüşdü: burada böyük ədavət əmələ gələcək idi, bir tayfa o biri tayfa ilə uzun illər davada olacaq idi, bir-birindən qisas alacaq idi, hədsiz qanlar töküləcək idi. Yenə milislər burada bişmiş aşa su qatdılar və qoymadılar bazar qızışsın: milis rəisi Bakıdan milis nəfəratından bir dəstə tutdu və düşdü Xızı səhralarına ki, mən ya gərək ölüm, ya da gərək bu quldur-qaçaqların kətirini kəsəm. Doğrudur, xah Xızı dairəsində, xah Maştağa və Bilgəhdə axıruxur qaçaqlar milisin qorxusundan puç olub getdilər; ancaq bir tərəfə baxanda, əlbəttə, qulaq dincliyi yaxşı şeydir və bilirəm ki, sən deyəcəksən: Yaşasın cəmi milis xidmətçilərimiz! – Ancaq heyif keçən günlərə! Mağıl keçənlərdə insanın bikarçılıqdan beyni qaralanda bu parta-partın özü bir gözəl məşğuliyyət idi. Ax, keçən günlər!!! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 noyabr 1927, №46 * * * Müxbirlər İndi bu saat kənd müxbirlərinin qəzet və jurnallara yazdıqları rəvayətlər qədim əsrdə Əbuhərirənin rəvayətlərini yada salır. Əbuhərirə deyəndə də islamın birinci əsri, o gözəl əsri yada düşür, haman əsri ki, gözəl islam dini az qalmışdı ki, tamam yer üzünü tutsun. Əbuhərirə kimi nainsaflar başladılar rəsuli-xudanın dilindən yalan hədislər rəvayət etməyə; belə ki, bir tərəfdən Əbuhərirə özü, bir tərəfdən bunun həmkarları ibn Abbas, ibn Əmir və qeyriləri başladılar həzrət Əmirəl-möminin əleyhüssəlamın hədislərini tənqid etməyə (Əmirəl-möminin dedikdə mən burada, necə ki, saf bir Əli şiəsi, həzrət Əlini mənzur tuturam, nəinki Əmirəl-Faruq əfəndini, çünki, sözün doğrusu, mən özüm Əli şiəsinin silkinə müşərrəf olanlardanam və buna da fəxr edirəm). Bilmirəm, niyə burada sözü bu qədər uzatdım; ancaq bunu istəyirdim deyəm ki, dünyada fəxri-kainat Məhəm-mədül-mustafa peyğəmbərimizin yalançı müxbirləri həzrət Əlinin hədislərinin içinə qondarma rəvayət qatmasa idilər və islam aləmini sünni və şiə qovqasına məşğul eləməsə idilər, indi küreyi-ərzin səthində pak və münzeyi-islam ümmətindən savayı daha qeyri bir kafir yox idi. İndi bu saat Yaponiya özü də islam olmuşdu; necə ki, iyirmi il bundan qabaq Bakıda türk ruznamələri nə qədər ciddi-cəhd edirdilər ki, yapon millətini müqəddəs islam dininə müşərrəf etdirsinlər. Yenə söz uzandı. Onu-bunu bilmirəm və qeyri qəzet və məcmuələrlə işim yoxdur, ancaq mən öz müxbirlərimə bunu xəbər verirəm ki, bu saat “müxbir” məsələsi az qalıbdır həzrət Əli və Əbuhərirə məsələsinə oxşasın: “Müxbir kommunxozdan yazır”, “Kommunxoz müxbirdən yazır”. Müxbir yazır ki, kommunxoz şəhərə qulaq asmır, kommunxoz deyir müxbirin evini plana salıb uçurtmuşam, onun üçün məndən qərəzi-şəxsi başlayır. Xülaseyi-kəlam babətindən mən burada öz müxbirimə xəbər verirəm ki, bundan sonra hər bir müxbir (ya qeyri müxbir) ki, idarəmizə məqalə və xəbər yazıb göndərəcəkdir, əgər o məqalənin axırında bir müxtəsərcə qəsəmnamə olsa, məktub çap olunacaq, əgər qəsəmnamə olmasa, səbətə gedəcək. Qəsəmnamənin müxtəsər məzmunu belə olmalı: “And olsun pənctəni-ali əbayə, and olsun şühədanın nahaq tökülən qanına və yenə and olsun həzrət Abbasın uzun qollarına ki, burada yazılan səhihdir və mərdüməzarlıq babətindən yazılmayıbdır”. (Dəxi həzrət Abbasın qollarının uzunluğu neçə arşın olmağını qeyd etməyin lüzumu yoxdur). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 noyabr 1927, №47 * * * Həmmalül-müqəddəs Həmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik. Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir. O şəkil ki, əli qurumuş nəqqaşımız burada çəkibdir, o şəkildə həmin bizim rəhmətlik müqəddəs hammalımızı məhşər günü sual-cavaba çəkirlər ki, aya gərək dünyadan gətirdiyin müqəddəs yükünün tayları nədən ibarətdir. Bəli, məşhər komisiyonu qurulur, sədr və cənab Rəsuli-xuda və onun vəli-vəsisi: sağ tərəfdə cənab əmr, sol tərəfdə Cəbrail, İsrafil və başlayırlar bizim müqəddəs qonağın əmalından sual-cavabı və təhqiqatı. Hə, görək, dalında bizə nə töhfə gətirmisən? Bəli, yövmiyə namazları, bu meyit namazı, bu da eydi-qurban namazı Xub, çox yaxşı. Bu nədir? Bu da icarə namazı, bu nəzir namazı, bu da eydi-ramazanül-mübarək namazı. Bu da Cəfəri-təyyar namazı. Bu cümə namazı. Afərin, afərin! Nə müqəddəs müsəlman ümmətidir! Afərin. Dəxi görək nə var? Bəli, burada yenə bir tay var, bu da zəlzələ namazı. Bu xüsu və küsuf, bu qara yel namazı. Ay mərhəba belə müsəlmana! Elə burada az qalmışdı ki, bu müqəddəs Əli şiəsinə cənnət mandatı verilsin, bir də gördülər ki, bicəngə İsrafil gedib namaz taylarını o tərəf-bu tərəfə çöndərir, guya bir şeyi axtarır və axtardığını tapmayıb burada komisyon üzvlərinə xəbər verir ki, bu namazların içində bir çox mötəbər namaz yoxdur. Hansıdır o namaz? O namaz ibarətdir namazi-nafileyi-nuzdəhümi-mahi-ramazanülmübarəkdən. Doğrudan da məlum oldu ki, bədbəxt Allah bəndəsi şəriətdə təyin olunan namazların hamısını əda edib, lakin nuzdəhüm gecəsinin altı yüz qırx iki rükət nafilə namazını yaddan çıxardıb, ya da fürsət tapa bilməyib, qılmayıbdır. Xülasə, bədbəxt, müqəddəs hammalımız məyus və xəcəl, kor və peşiman, komisyon tərəfindən ətrafa göndərilir ki, oradan ya səqərə vasil ola, ya da ki, vallahü-ələm. Molla Nəsrəddin “Molla Nəsrəddin” 1 dekabr 1927, №48 * * * Tövhid Qül hüvəllahü əhəd! Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş. İbn Abbas rəvayət edir ki, müşriklər bərk dirənmişdilər və deyirdilər: ya bizə o yeganə olan Allahı nişan ver, ya da biz onun vəhdaniyyətinə iman gətirməyəcəyik və burada Allah-taala tərəfindən “ixlas” surəsi nazil oldu və müşriklər səslərini kəsdilər. Qül hüvəllahü əhəd! Və o zamandan indiyədək vəhdaniyyət şüarını cəmaəti-müslimin alqışlamaqdadır: qül hüvəllahü əhəd. Degilən Allah-taala birdir, göylərdə onun adı Allahdır, yerlərdə onun adı padşahdır və Şəki müsamirəsində “Şəki fəhləsi”nin rəvayətinə görə onun adı “bir nəfər”dir. Kimdir o bir nəfər? Məlun müşriklər də rəsuli-xudadan soruşurdular: kimdir o Allah? Və biz də soruşuruq: kimdir o “bir nəfər” ki, pedaqoci texnikum və qadınlar klubunun əmri ilə onun xatirəsi üçün əfəndilər və şeyxlər torpağından təzə ərsəyə qədəm qoymuş əhli-iman ataların qızları əyyaş qonaqlara şərab daşıyırmışlar? Kimdir o bir nəfər? Allah-taala da öz Qurani-məcidində sual edir: kimdir o bir nəfər ki, onun şənü şərəfinə: Vəlməlaikə yəsbəhunə behəmd və yəbləğun şərabən təhura yəni Şəki məlaikələri şükür və səna ilə saqilik edirmişlər və stəkanlara şərab tökürmüşlər!.. Vəhədə laşərikə... Allaha şərik qərar verənlərə min lənət olsun! Necə ki, baxıb görürük ki, yeri-göyü xəlq eləyən vahid bir xudadır; zira ki, əgər, nəuzübillah, Allah-taala bir olmasaydı, iki olsaydı, o vədə Şəki müsamirəsini tərtib edən qadınlar klubu ilə pedağoji texnikum arasında niza əmələ gələ bilərdi: biri deyərdi – bu müsamirədə qızların iştirakı caiz deyil, zira ki, bura meyxanadır. O biri də şayəd razı olaydı, ya olmayaydı – bunu da Allah bilər. Burada İbn Abbasın rəvayətinə binaən yenə xudavəndi-aləmin ayeyi-kəriməsi münaqişənin dəf və rəfinə səbəb oldu. Qül hüvəllahü əhəd! Yəni, ey Şəki vilayətinin ravisi (“Şəki fəhləsi”), nəşr et dünya və aləmə ki, müsamirənin xudasına şərik qərar verənlər – kafirdirlər; zira ki, onun vahid xudası tək “bircə nəfər”dir ki, onun şənü şərəfi naminə maarif ərsəsinə təzəcə qədəm qoyan qızlar sərxoşlara içki və yemək təqdim edirdilər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 dekabr 1927, №50 * * * Məktəblər Biz bunu inkar edə bilmənik ki, bir məmləkətdə məktəblərin çox olmağı az olmağından yaxşıdır; ancaq necə ki, hər işdə bir həd və sərhəd lazımdır, burada da bir sərhəd qoymaq icab edər. Yoxsa sən əgər başlayasan bir ucdan hey məktəbdir açasan və dalını-qabağını yoxlamayasan, onda şiş də yanacaq, kabab da yanacaq. Məsələn, götürək Bakı məktəblərinin indiki halını: indi baxıb görürük ki, Bakıda az bir məktəb var ki, darısqallıqdan yana şikayət eləməsin. Amma on beş il bundan qabaqda da mənim Bakıya yolum düşmüşdü; o vaxt belə giley-güzar eşitməmişdim. İndi bu nədəndir? Bu ondandır ki, biz istəyirik hələ hər məhəllədə bir məktəb açaq. Eybi yoxdur, açaq, demirəm açmayaq. Açanda da deyirik ki, bu məktəbin dalanı gərək belə olsun, həyəti belə olsun, uşaqların dərs arasında tənəffüs, yəni nəfəs alıb oynamağa geniş meydanı olsun, müəllimlərin vüsətli odası olsun, filan və filan. Daha bu olmadı. İki şeydən biri gərək olsun: ya gərək məktəb açmaq və məktəbin sayını çoxaltmaq tamahını azaldasan, ya da gərək sənin məktəbindən qohum-qonşu bir zərrə qədər narahat olmasın. Məsələn, sən deyirsən ki, Füzuli küçəsində doqquzuncu şura məktəbinin həyəti yoxdur ki, şagirdlər dərsdən çıxanda orada oynaya bilsinlər və nəinki həyəti yoxdur, hələ bəlkə bir həyətdə yaşayan kirayəkeşlərin qorxusundan şagirdlər tənəffüs vaxtı oynaşmağa cürət eləyə bilmirlər və haman kirayəkeşlər adambaşı altmış kvadrat mənzil işğal edə-edə məktəbin siniflərində şagirdlər bir-birinin qarnına az qalır girsin; onun üçün də müdirin və müəllimlərin vaxtının yarısı kirayəkeşlərlə deyişməyə sərf olunur. Şamaxı küçəsində 29-cu məktəb də bu tərəfdən giley-güzarı başlayıbdır. Rəhmətliyin oğlu bu darışlıq bir zəmanədə başlayıb ki, nə bilim qabaqlarda mağıl məktəbin geniş həyəti var idi ki, şagirdlər və müəllimlər orada nəfəs alıb dincəlirdilər, indi bələdiyyə idarəsi oranı karvansara üçün icarəyə verib; peyinin üfunətindən şagirdlərin və müəllimlərin başı çatlayır. Allah məktəb həyətini karvansara həyətinə mübəddəl edən bələdiyyə idarəsinə də Kərbəla qismət eləsin və haman Allah Georgevski küçədə onuncu məktəbi dustaqxananın rubərusunda bina edən və şagirdləri dustaqlarla dərs vaxtı pəncərələrdən və həyətdən bir-biri ilə işarələşməyə məcbur qılan rəhmətliklərə də min rəhmət eləsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 dekabr 1927, №51 * * * Əsrimizin möcüzələri Qədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun. İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar. Bu müqəddimədən sonra keçək rəvayətimizə: Əbu Haşim Cəfəri rəvayət edir ki, bir gün küçə ilə keçirdim, gördüm yolun üstündə bir yekə sərp it durub, mənim üstümə elə bir qeyzlə hürür ki, gördüm ki, bu heyvan qoymayacaq buradan keçib gedim. Buradan qayıtdım və küçədə əsrin imamı həzrət Əbülhəsən Əli Ənnəqi Əlhadi səlləlahü səlləmə rast gəldim və itin əhvalatını həzrətin xidməti-basəadətinə ərz etdim. Həzrət mənlə bərabər itin yanından gəldi keçdi, Allahın heyvanı quyruğunu qısıb çəkildi kənara. Ancaq mən itin mənə olan kəmiltifatının səbəbini o həzrətdən sual etdim. Burada İmam Əli Ənnəqi geri çönüb itə ərəb dilində ded: “beynə əlqəziyyəti əlləti vəqəə lil-rəcül”. Burada heyvan dilə gəldi və dedi... Bəli, çün burada səhifəmizin darlığından itin uzun cavabını dərc edə bilmədim, ancaq məqsəd imamın möcüzatından bir fəqərə oxucuların nəzərinə yetirməkdir. Əsrimizin möcüzələrindən də bir növünə bu günlərdə sirkdə bir nəfər “turama” adlı oyunbazın fokuslarıdır, necə ki, qəzetlərdə və elanlarda hər gün camaata xəbər verilir ki, əsrin imamı “turama” şirləri və nəhəngləri kiridibdir, necə ki, imam Əli Ənnəqi küçənin sərp itlərini kiridirdi. Ancaq qədim möcüzələrlə indiki möcüzələrin bir təfavütü var: təfavüt budur ki, qədim əsrlərdə camaat o qədər avam idi ki, imamların möcüzələrini tənqid etməyə nə elmləri və nə cürətləri var idi, amma indi hər kəs ki, sirkə gedir və “turamın” oyunlarına diqqət edir, görür ki, burada bir biclikdən və adam aldatmaqdan savayı bir özgə mətləb yoxdur, o yerə də gəldikdə ki, nə məqsəd ilə bu oyunbazlıqlara icazə verilir, bunu da tək bircə Allah-taala özü bilər (bizə dəxli yoxdur). Molla Nəsrəddin “Molla Nəsrəddin” 30 dekabr 1927, №52 * * * Tarix Təzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar. Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi. Nədir bu şadlığa səbəb? Bu şadlığa səbəb təzə il bayramıdır? Nədir təzə ilin mənası? Təzə ilin mənası budur ki, İsa peyğəmbərin dünyaya gəldiyi gündən min doqquz yüz iyirmi yeddi il keçib, iyirmi səkkizə ayaq qoyur. Vaqeən, çox böyük bir tarixdir. Bu elə bir yadigardır ki, bunun şərəfinə nəinki var-yoxunu içkiyə verib keflənib eyş-işrət etmək lazımdır, bəlkə bu yadigarın şərəfinə candan keçmək lazımdır. Və sözümün sübutu üçün bir neçə dəlil gətirmək istəyirəm. Dəlili-əvvəl: İsa özü və onun əshab və ənsarı avam camaatın etiqadını ələ gətirmək üçün belə bir söz buraxdılar ki, İsa Allahın oğludur. Bu sözə ancaq nəsarilərin bir parası inandı; amma yəhudi camaatı dirənib qırmızıca dedilər ki, ola bilməz ki, bir insan atasız dünyaya gəlsin və hətta bir para nadinc adamlar İsanın atasını da axtarıb tapdılar (Yusif Nəccar). Amma söhbət buradadır ki, bir söz ki, qaragüruh arasında intişar tapdı, illər uzunu daha camaatın ağzından düşmədi və aradan neçə yüz il keçəndən sonra, Quranın sahibi də bu etiqada gəlmişdi ki, İsa doğrudan da peyğəmbərdi və Məryəmin oğludur və onum atası Allahın ruhudur. “İnnəma əl-Məsih İsa ibn Məryəm rəsulullah... vəruhun minhü”. Amma indi bu min doqquz yüz iyirmi yeddi il keçəndən sonra, o əsrin yəhudilərini adam yadına salanda lap yazığı gəlir. O biçarələr elə doğrudan da dirənib durmuşdular və deyirdilər: ay camaat! Ola bilərmi ki, bir insan atasız doğulsun? Bu, belə. Dəlili-sani: İsanın keyfiyyəti o səbəbdən daha böyük bir yadigardır ki, İsanın barəsində onun tərəfdarları ilk dəfə “merac” fırıldağını ixtira etdilər: bir-bir belə şayiə buraxdılar ki, İsa göylərə üruc edərmiş, yəni qanadlı quş kimi uçub göyə qalxarmış. Allah avama insaf versin. Heç bir kəsin o vədə ağlına gəlmədi ki, imtahan üçün bir gün getsin və İsanın meracını öz gözü ilə görsün. Dəlili-salis: İsanın “Mövlud” bayramının üçüncü qiymətli tərəfi budur ki, həmin tarixdən bu günədək milyonlarca zəhmətkeş xaçpərəst camaatı müruri-dühurla “ruhullah” və “merac” fırıldaqlarına alışıb və gecə-gündüz lotu və murdar keşişlərin astanalarına dəxil düşüb nicatiüxrəvi axtarmaqla işdən-gücdən avara olublar, mallarını və canlarını onlara fəda ediblər və xaçpərəst məzhəbləri arasında əmələ gələn dini mübarizələr nəticəsində milyonlarca günahsız zəhmətkeş xaçpərəst qanları tökülübdür. Qalan sübutlu dəlillərimizə daha burada yer olmadı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 yanvar 1928, №1 * * * “Sülhi-əbədi” Qəzetlərdə nəzərimizə çatdı ki, Amerika hökuməti yer üzündə əqvam arasında, bir “sülhi-əbədi” binasını qoymaq tədbirindədir. Ax, nə gözəl tədbir?! “Sülhi-əbədi”, – yəni türkcəyə çöndərsək, “həmişəlik barışıq” deməkdir. Onun üçün də mən yuxarıda bu tədbirə “gözəl” ad qoyuram; çünki dünyada sülh və asayişdən gözəl nə ola bilər? Amma, di gəl görək, Amerika hökuməti cənabları bu müqəddəs tədbiri nə yol ilə, nə vasitələrlə həyata keçirmək istəyir? Çün bu barədə qəzetlər də bir söz yazmır – mən də bilmirəm ki, Amerika hökuməti bu xeyir işin baş tutması yolunda nə metodlar işlədir və nə çarələr qurur. Bu qədər var ki, hər bir kəs öz fikrini meydani-müzakirəyə qoymağa azaddır və çün ola bilər ki, bu müqəddəs məsələyə dair Molla əminin əqidəsini soruşan ola, biz bu xüsusda oxucularımızla bir az söhbət eləmək istərdik. * * * Dünyada “sülhi-əbədi” iki yol ilə baş tuta bilər: bir yolu budur ki, yer üzündə yaşayan cəmi millətlər–təkcə bir dinə sitayiş eləyələr və şayəd, bizdən soruşan oldu ki, biz cəmi millətlər üçün vahid; hansı dini təklif edirik, biz pak olan islam dinini göstərə bilərik, nəinki o münasibət ilə ki, biz özümüz də bu müqəddəs dinə mənsubuq – haşa və kəlla, biz məhz “sülhi-əbədi”nin baş tutması mülahizəsincə bu təklifdə bulunuruq; zira, nə qədər ki, dünyada islam dini bərqərardır, – o qədər də “kafir” və “əhli-iman” ədavəti zahirdə ya batində hökmfərma olacaqdır: “Fəiza-lüqətimulləzinə kəfəru fəzərbürrüqab; yəni o yerdə ki, kafirlərlə mülaqat etdiniz, onların boyunlarını vurub qətlə yetirdiniz” (Quranın “Məhəmməd” surəsi, 5-ci ayə). Əgər küreyi-ərzin namüsəlman qövmləri mənim bu təklifimi qəbul eləməsələr (ola bilər də ki, eləməyələr), onda da labüddür ki, millətlər qeyri bir vahid dinə gələlər: ya İsa peyğəmbərin dininə, ya Musanın, ya Buddanın və yaxud sair bütpərəst ayinini, yaxud yeni “beynəlxalq” din olan bəhayi dinini qəbul eləyələr. Deyəsən, bu da bir az çətin olacaq; çünki qeyri dinlərin əhkamından xəbərim yoxdur, ancaq onu bilirəm ki, dinin əhkamı, nə qədər dünya vardır, dəyişilə bilməz; “vələn təcəddlis-sünnətullah təbdilən” (quran ayəsidir); dinlər də habelə; heç təfavütü yoxdur. * * * Amma, əvvəl-axır, deyəsən, “sülhi-əbədi”nin bircə yolu vardır: dilim qurusun bilmirəm, deyim, ya deməyim? Nəuzübillah bir dəqiqəliyə belə mülahizə eləyək: yer üzündə heç bir din yoxdur; yəni cəmi millətlər dinsizdir; yəni bu millətlərin heç birini cənnət və cəhənnəm ilə aldadan keşiş və mollalar və xaxamlar yoxdur və habelə nə kafir var, nə iman əhli var, nə sünnü, nə şiə, nə xaçpərəst, nə bütpərəst, nə erməni Qriqoryan, nə Rtodoks, nə rus, nə müsəlman, nə kilsə, və nə məscid, nəuzübillah, nə isna əşəri, nə şafeyi, nə həmbəli, hənəfi, babi, malakan, priqun, şeyx, dərviş, ilan-qurbağa və bu növ zir-zibil (üzr istəyirik). * * * Bu dinsizliyin bircə eybi budur ki, dəxi huri və qılman və abikövsər əldən gedir. Tək bu eybi olmasaydı, vallah mən özümü gözüyumulu dinsizlər cəmiyyətinə yazdırardım. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 yanvar 1928, №2 * * * Qış xəbərləri Farslar deyirlər: hərdən bizim bağdan təzə-təzə meyvələr gəlir. Bizim də Azərbaycan bağımızdan təzə-təzə qış xəbərləri gəlir. Bu təzə xəbərlərin biri – xaç bayramı xəbərləridir. Necə ki, hamıya məlumdur– dəmir yol qatarlarını sürən maşinistlər mübarək İsanın ümmətləri olduqlarından bu bayram günləri bayram saxlamaq babətindən bəistilah bir az o söz (yəni başları bir azca “gərm” idi. “Gərm” farsca “isti” deməkdir). Onunçün də dəmir yolun bir neçə nöqtələrində minik qatarları və neft qatarları “taquş-tuquş” oyunu kimi bir oyun oynayırlar. Çün hər bir kəsin əcəli tamam deyil imiş – axırı xeyir olubdur. Ancaq dəmir yol maliyyəsinə bir müəyyən qədərdə zəfər toxunubsa da, bu da keçib gedər (adətkərdənin hissləri kortalmış olar). Hə, neft dedim, bir qış xəbəri dəxi yadıma gəldi: bir şəkili idarəmizə yazmışdı ki, ordubadlılar elə bilir ki, “ölülər halva yeyirlər”; rəhmətlik uşaqları istəyirlər ki, Bakının fantanları bir türfətül-eyndə Ordubada köçüb getsinlər; ta bilmirlər ki, biz nuxulular Köy birliyi ilə arabaçıların “spor”larının bərəkətindən bu qışı Şəkidə elə vaxt olubdur ki, neftin girvənkəsini iki abbasıya almışıq; xalq da elə güman edə bilər ki, nefti bizə Bakıdan buraxmırlar, bir surətdə ki, neft qatarları dayanıb durub Yevlax stansiyasında. İndi hünər istərəm ki, bunu Şəkiyə aparan ola. Arabaçı hər puda üç abbası kirayə istəyir. “Köy birliyi” də qırx beş qəpikdən bir çürük qəpik artıq vermir. Və axırda üç abbasını da verdi və neft Şəkiyə daşındı. Şəkililərə bir ovqat əvvəli axşamdan babalarımız kimi yıxılıb yatmaq qazanca qaldı. Yatmaq dedim, – bu günlərdə Bakıda bir türk qadınının göz xəstəxanasında yatmağı yadıma düşdü. Məlumdur ki, şəri-şərifin ehkamı mocibincə hər bir müsəlman bəndə, hər necə bərk azarlı halda da olsa, gərək namazı keçirməsin. Bu xəstə qadın fazili-Bakuyi axund Şeyx Qəni həzrəti-alilərinin əqrəbasına mənsub olduğundan xəstəxanaya getməmiş fazili-müşarileyhə məsələ edir ki, aya, gözləri ağrıya-ağrıya, xəstəxanada yatdığı yerdə o necə dəstəmaz alsın ki, dinsiz və imansız xəstəxana müdirləri, xadimlə xadimələri oraya lüləyin gətirib su tökməyə mane ola bilərlər. Xülaseyi-kəlam, axund həzrətləri qadına “təyəmmüm” məsələsini, – necə ki, lazımdır, – təlim edir. Onunçün də qadın bir dəstmal dolusu pak torpaq yanıyca xəstəxanaya aparır və professor Varşavski xəstənin gözünə dava tökəndən sonra bədbəxt arvad da namaz vaxtı gələndə beş barmağını mübarək torpağa basır və sürtür üzünə; belə ki, o pak olan torpaq dolur arvadın ağrıyan gözlərinə. Burada xəstəxana qulluqçuları işdən hali olanda qabaqca elə güman edirlər ki, xəstə qadın dəlidir; ancaq axırda məlum olur ki, xeyr, dəli deyil, Şeyx Qəni ağanın ümmətidir, mütəəlliməsidir və hətta əqrabasıdır. Xülasə, iş açıldı. Qalan xəbərləri gələn həftə yazarıq inşallah. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 yanvar 1928, №3 * * * Oruc tutanlar və oruc tutmayanların hesabı Amerikada Şərqi öyrənən cəmiyyətin axır vaxtlarda bir risaləsi çapdan çıxıb nəşr olunmaqdadır. Nyu-Yorkda təb olunan “Pusferton” qəzeti bu kitabçanın bir neçə maraqlı məlumatını öz qəzetində dərc eləyibdir və bu məlumatı Moskvada Şərqi öyrənən cəmiyyətin məcəlləsindən əxz edib, biz də burada oxucularımızın nəzərinə verməyi əhəmiyyətdən xali görmürük. Amerika cəmiyyətinin üç nəfər üzvü – ki, adlarını burada zikr etməyi artıq hesab edirik – keçən il İrandan Bakıya da gəlmişlər ki, bizim onlardan xəbərimiz olmayıb. Onlar bizim məclislərimizin bir neçəsində rəməzan ayında olublar və idarədə oruc yeyənlərin və oruc tutanların əhvalını və miqdarını öyrəniblər və siyahi ediblər. Məzkur müsafirlər gördüklərini öz dəftərçələrində birbəbir təfsilən qeyd ediblər. Birinci dəfə onlar türk komsomol cələsəsinə daxil olublar. Burada iki yüz həştad bir komsomolun tək üç nəfəri oruc imiş; qalanları cəmiən günortanın tənəffüs vaxtında çay içirmişlər (yəni oruc deyil imişlər). O üç nəfərin adları haman risalədə qeyd olunubdur (amma biz burada yazmağı lazım bilmirik). İkinci növbədə amerikalılar dərya kənarında olan doktorlar klubuna gediblər. Burada “Çaxotkanın mikrobları ilə mübarizə” barəsində professor Qazalin cənablarının leksiyası var imiş. Məclisdə olan on yeddi türk doktorlarının cümləsi oruclarını yeyirmişlər. Üçüncü növbədə müsafirlər “Stalin klubu”na gəliblər. Burada da yığıncaq var imiş və yığıncaqda olanların heç biri orucağıza oxşamırmış; amma çay paylayan savadsız bir tatar qadınından şübhələniblər. Buradan amerikalılar müəllimlər məclisinə gediblər. “İsmailiyyə” binasında təzə tədris metodu barəsində “müəllim Naciyi-əsr”in məruzəsi var imiş. Yüz otuz altı müəllimin on bir nəfəri oruc imiş qalanlarından çoxusu oruclarını xəlvət və bir azı aşkar yeyirmiş. Bir neçə də firqəvi iclaslarından da xəbər tutublar. Ancaq tək bircə nəfər məsul yoldaşlardan orucağız görüblər. İdarədən Amerika cəmiyyəti üzvləri Bazarnı küçəyə gəliblər və Qasımbəy məscidinə gəliblər. Məsciddə moizə var imiş. Camaatın övzaına diqqət yetirib görüblər ki, təqribən üç yüz nəfərin iki yüzü savadsız fəhlə və hamballardır. Bunlar hamısı oruc imişlər. Qalanları savadsız məşədi və kərbəlayılar imiş; bunlar da cəmiən oruc imişlər. Burada bir nəfər qoca müəllim var imiş və iki türk çinovniki; söz yox, bunlar da oruc imiş. Otuz iki nəfər də tiryəki və qumarbaz imiş; bunlar da oruc imişlər. Məscid dolusu savadsız, çarşablı müsəlman qadınları hamısı oruc imişlər. Bakıda olan müsəlman alimlərindən, mühəndis və professorlardan və təhsil tapmış türk qadınlarından oruc tutan tapa bilməyiblər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 fevral 1928, №5 * * * Teatr konfransı Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağrılmışdı. Konfrans bəzi səbəblərə görə təxirə düşdü və dübarə üzümüzə gələn bazar ertəsinə təyin olundu. Mən bir qoca kişiyəm və teatr işlərindən də o qədər xəbərdarlığım yoxdur. Onunçün də konfrans söhbətini qəzetlərdə oxuyanda, heç bilmədim, bu nə konfransdır və orada nə danışacaqlar, teatrın hansı bir nöqsanını göstərəcəklər və hansı mühəssənatını təsdiq edəcəklər. Mən ki özüm teatr işlərindən bu saat razıyam: “Bu saat” deyəndə bunun, əlbəttə, bir mənası var: mənası budur ki, keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki, indi eləyir. Bunun da ümdə səbəbi budur ki, hər bir şey dünyada tərəqqi eləyən kimi, teatrımız da, şəkk yox, tərəqqi edə gərək, necə də ki, edibdir. Qeyrilərini bilmirəm, mən indi, keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm və evə gedib çıxandan sonra da səhnədə gördüyüm mənzərə və tamaşalar gəlib durur gözümün qabağında və hətta bəzən yuxuma da girir. Vaqeən insan bu beş günlük dünyada ömrünü dil-xoşluqla keçirməlidir. Bu barədə teatrlarımızın xidməti müntəhasızdır. O ikiüç saat ki, orada əyləşib tamaşaya cumursan, dünyada ziqiymət olan, cahan hökmranları arzu etdikləri, quranın iman əhlinə vədə verdikləri hallar, yaranmışlar, nemətlər, ləzzətlər... xülasə... Keçmiş belə deyil idi. Eşitdiyimə görə, Şekspir və Şiller, Qoqollar və Mirzə Fətəlilər bəlkə bu nöqtəni, necə ki lazımdır, düşünməyiblər. Buna mənim aydın dəlilim budur ki, xah “Hamlet” və “Quldurlar” və xah “Revizor” və “Hacı Qara”lar, ya “Məstəli şah” ilə “Kimyagər”lər – bunlar mən aciz bəndəyə o qədər təsir bağışlamayıblar, o qədər mənə ləzzət verməyiblər, nə qədər ki, indiki əsrimizin pyes və nümayişləri verir. Hətta keçən həftə rusca işçi teatrına getmişdim: camaatın əlindən daxil olmaq mümkün deyildi. Ancaq yenə daxil olduq. Qəribə burasıdır ki, tamaşaçıların əksəri – cavanlarla mən tək qocalar idi. Bunun da bəlkə bir sirri var. Bununla işim yoxdur. Amma tamaşa əsnasında Allahtaalanın mən tək asi bəndəsi də tamam bir nəşə içində idi: cavanlar da dama və divara dırmaşırdılar. Gurultular, alqışlar... Qiyamət bərpa olmuşdu. Bu əsnada həzz uyqusundan ayıldım və düşündüm ki, səhnə dolusu qadınlar rəqs oynadıqları yerdə elə məharət göstərirdilər ki, nəinki “övrətləri”, bəlkə “övrəteynləri” də tamaşaçıların gözünün qabağında idi. Çünki bu şivələr və hərəkətlər nəfis sənətin tələbatı qəbilindən hesab olunur. O səbəbdən ki, Mirzə Fətəlilər, molyerlər, şekspirlər, ostrovskilər bu qiymətli nöqtəni düşünməyiblər, onunçün də indiki pyes yazanlarımız əsərlərinə yersiz balet dəstəsi və rəqs məclislərini yapışdırmağa məcbur olurlar; əks surətdə nə cavanlar o teatra gələcəklər və nə də mənim kimi qocalar gələcəklər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 fevral 1928, №6 * * * Allah vardır Varmıdır Allah? Bu qəbil sözlər axır vaxtlarda tez-tez danışılır. Və aşkardır ki, bu danışılanların tək bircə məqsədi var: məqsədi budur ki, Allahın varlığını inkar etsin, dansın. Bu qəbil adamlar, şəkk yox ki, özləri Allahsızdırlar. Varmıdır Allah? Bu söz özü çox mərdümazar sözdür. Hətta axır vaxtlarda teatr yazanlar da Allahın yoxluğunun söhbətini səhnəyə çıxarmaq istəyirlər. Və lakin teatrla və səhnə ilə işim yoxdur. Sözüm tək bir məsələ barəsindədir. Bəs bunun axırı haraya gedib çıxacaq? Bəs, nə vaxta kimi Allahsızlar bu məsiyətkar sözləri, bu məlun şüarı Allahın mömin bəndələrinin içinə dağıtmaqda olacaqlar? Mənim bu məsələ barəsində artıq diltəng olmağım o babətdəndir ki, mən bunun dalından qorxuram, aqibəti pis görürəm. Görürəm ki, xudavəndi-aləmin varlığına şəkk və şübhə edənlər gün-gündən artmaqdadırlar; görürəm ki, mürtədlər hələ iclaslar və təşkilatlar qərar verirlər, hələ müntəzəm surətdə təbliğatlar aparırlar və öz lən olunmuş niyyətlərini yerinə yetirmək üçün heç bir şey müzayiqə etmirlər. Heyhat!.. Bununla bərabər bəndeyi-aciz tək bircə şeyə məəttəl qalıram: bəs, zəmani ki, bu qədər yoldan azmışlar Allah-taalanın qabağına çıxıb onun varlığını yoxluğa mübəddəl etmək istəyirlər, – bəs, xub, aya, görək Allah-taalanın özü bu barədə nə deyir və nə səbəbə heç dinmir və bu məlunlara bir tənbeh eləmək istəmir və beləliklə, öz varlığını göstərmək istəmir? Neçə min ildir ki, hərdən bir ortalığa bir nəfər insan atılıb, özünü Allah tərəfindən göndərilmiş peyğəmbər adlandırıb, çamaatı hər növ əslsiz və məntiqsiz dəlillərlə inandırıb ki, dünyanı yaradan bir Allahdır. Amma avam camaatın içindən hər əsrdə gözüaçıq əfrad baş qaldırıb və bu peyğəmbərlərin özlərini də qəbul etməyiblər və onları göndərən Allahın varlığına da inanmayıblar. Amma bizi təəccübləndirən və heyran qoyan budur ki, bu min-min əsrlər və illər uzunu, bir dəfə də olsa, ittifaq düşməyibdir və bir kəs eşitməyibdir ki, Allah özü, hər nə ilə olmuş olsa, öz varlığını bildirsin; misal üçün, bu cür söyləyək: əgər doğrudan da, Allah varsa, bəs, məgər o, bu mürtədlərin nasəza sözlərini eşitmir?! Və əgər eşidirsə, niyə bu Allahsızların birinin ağzını əymir? Əgər Allah varsa, niyə bu küfr sözlərini səhnəyə qoyan yazıçıların barmaqlarını qurutmur? Əgər Allah varsa, niyə “allah yoxdur” deyənlərin birini haman durduğu yerdə daşa döndərmir? Onunçün də insan bu halı belə görəndə və min-min əsrlər uzunu Allahdan bir nam və nişan görməyəndə və eşitməyəndə, öz-özünə deyir: nəuzübillah, bəlkə də doğ-rudan heç Allah yoxdur?! Doğrudan da, öz aramızdır, Allah varmı? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 fevral 1928, №7 * * * Növbə gözləmək Növbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur. Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq... Amma sözüm kooperativdə və məscid oğrularında deyil; mənim bir özgə dərdim var. Dərdim Azərbaycanda su təsərrüfat işlərinin biabırçılığıdır ki, işçi-kəndli müfəttişliyinin təhqiqatı nəticəsində bu fırıldağın üstü açılıbdır. Məsələnin müxtəsər məzmunu budur ki, neçə illər müddətində Azərbaycanın zəhmətkeş təsərrüfatçıları su təsərrüfat idarəsində suvarma işlərinin intizama salınmasını və əkin sularının artmasını gözlədiyi yerdə, axırda məlum olur ki, su təsərrüfat işlərinin baş idarələrinin müdirləri nəyə fikirlərini vermişlər? – nə güman edirsən – əkin sularının artmasınamı? Nə xəyal edirsən – su arxlarının, kəhrizlərin və kanalların təmizlənməyinə və abadlaşmağınamı? Pəh!.. əcəb iştibahın var? Bu su ağaları bilirsənmi nə eləyirmişlər? Bunların fikir və zikri harada imiş? İşçi-kəndli müfəttişliyi tapıbdır ki, bunlar çoxluca hökumət pullarını əllərinə keçirmək məqsədi ilə yalançı kredi siyahisi düzəldirmişlər və düzəldəndən sonra bu krediləri gizlədirmişlər və dövlət büdcəsi üzərinə verilən məbləğləri öz şəxsi cari hesablarına köçürürlərmiş (Badamyan) ya başqa əməkçi yoldaşın hesabına keçirirlərmiş (Quvart) və bundan başqa da böyük məbləğlər də hədər yerə sərf olunurmuş. Amma hamısından məzəli və bizim oxucular üçün maraqlı yeri burasıdır ki, bu həriflər hökumətdən, məsələn, “Gavur arx” kanalı üçün 263 körpü saldırmağa mayəhtac istəyib alıblar və ancaq üçcə körpü saldırıblar. Bu sözləri biz burada gərək yazmayaydıq; çünki bu qəbil mətləblərə əl vurmaq bizim vəzifəmiz deyil. Ancaq bizi danışdıran rəmazan ayının məscid yığıncaqlarında başmaqların orucağızlılar tərəfindən oğurlanması məsələsidir. Belə ki, burada oruc tutanlar ancaq səkkizdoqquz qəpiklik özgə başmağına qane olurlar; zira bunlara artıq bir şey bu dünyada lazım deyil. Amma su təsərrüfat baş müdirlərinə – əzbəs ki, onlar islamın behiştindən məhrumdurlar və bu səbəbdən bu dünyanı özlərinə behişt qərar vermək istəyirlər, – bu səbəbdən bunlara böyük pullar lazımdır. Ancaq onların səhvləri bircə buradadır ki, israf etdikləri pullar zəhmətkeş puludur. Bu pulu yeyəndən sonra həzmi o qədər də asan olmur. Adam sancıya düşür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 fevral 1928, №8 * * * Ecazi-quran “Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur. Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi. Bəli, fəxri-kainatımız nazil olan həmin Müshəfişərifin hər bir hərfi və bir sətri bəninövibəşər üçün dünya durduqca əbədülabad, həmişə və yenə həmişə Sirat ül-müstəqimə bir yeganə rəhnüma olacaqdır. Müruri-dühur minəl-əzəl iləl-əbəd kitabi-müqəddəsin hər bir hökmü baği qalacaqdır. * * * Çün hər söhbət öz vaxtına çəkər. Burada sair məsailişəriyyəni qeyribir vaxta qoyub, məqaləmizi sövmdən (ayıb olmasın, bə istilahitürk) orucdan eləmək istəyirik. * * * Filhəqiqə, bu nə sirdir? Nədir bunun hikməti ki, min üç yüz illik müddətində milyonlarca camaati-müslimin min-min məşəqqətlə özlərinə növ-növ cövr-cəfa verməklə şərqin və cənubun uzun və odlu yay günlərində susuz qalmaqla, beləliklə, cansağlıqlarını gödəldə-gödəldə oruc tutublar və yenə indi tutmaqdadırlar. * * * Camaatimüsliminin həmin səfahəti müddəti mütəmadi bir çox qərb və şərq hükəmasının bu məsələyə tədqiq və təvəccöhünə səbəb olublar. Xah Amerika misyonerləri xah bəhayi mübəlliğələri bu möcüzənin əsrarının mənbə və mənşəyinə dəfələrlə diqqət yetirmək istəyiblər. Bunlar filhəqiqə bu vaxtadək bu sirri yenə kəşf edə bilməyiblər ki, aya, camaati-müsliminin hər bir sinifinin, hər bir təbəqəsinin, axundun, müəllimin, seyidin, baqqalın və hətta tərbxorun və oğrunun oruca bu dərəcədə müti, bu dərəcədə giriftar, bu dərəcədə bənd olmalarına səbəb nədir? Bu suallara bu axır vaxtlarda bir növ sakitedici, bir növ məntiqli və sübutlu cavabı Hindistanın Kəlküttə şəhərində yaşayan, sabiq “Həblülmətin” qəzetəsi mühərrirlərindən məşhur ədib və filosof Feyzulla Əl- Ələvi Bombeydə təzə çap etdiyi risaləsində verir. Məzkur mühərrir belə yazır. Yazır ki, be dürüsti ki, dünya durduqca İslam ümməti Siyamdan, yəni oruc tutmaqdan əl çəkməyəcək. Buna da səbəb Qurani-Şərifdən “Bəqərə” surəsindəki yüz on yeddinci möcüznüma ayəyi-şərifəsidir. Belə ki, həmin ayənin misdarınca: Tərcüməsi: Yəni o günü ki, oruc tutdunuz, gecələr sizə halal olur. Heç güman yoxdur ki, müsəlmanlar orucluqdan əl çəkələr. Səbəb budur ki, oruc tutmağın müsəlman qardaşa heç cəfası yoxdur. Əhyana, gündüzlər cəfası olsa da, gecələr səfası var və hədsiz səfası var... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 mart 1928, №9 * * * Beynəlxalq qadınlar günü və şəriət Mən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm: – Bikə, ya Allah Bu – rəmazan ayının gecə duasının minlərcə kəlmədən ibarət olan bir kəlməsidir: – Bikə, ya Allah!!! Sən deyəndə ki, bu gün dünya qadınları bir-birinə əl uzadacaqlar, – bu söz mənə bir növ qəribə gəlir: mən ona təəccüb edirəm ki, dünya qadınları bizi necə və harada tapacaqlar? Biz, orucağız zalxalar və fatmalar evimizin qaranlıq bucağında oturub axşam azanını gözləyirik ki, bizim orucağız ərlərimiz iftar vaxtı övqatı təlx, mırtdana-mırtdana gəlib əyləşəcəklər yuxarı başda və bizə hökm edəcəklər ki, onlara təam gətirək; onlar iftarı açan zaman ya xörəyin duzsuzluğunu bəhanə edib bizi söyəcəklər, ya duzluluğuna irad tutacaqlar və bunu bilmirəm ki, bu gün Beynəlxalq qadınlar günündə, beynəlxalq qadınlar məni nə tövr tapa biləcəklər ki, mənə əllərini uzatsınlar və əgər yəhtəmil tapa bilsələr də, o vaxt bizi rəmazan günlərinin və gecələrinin əmalından fariğ tapa biləcəklərmi ki, bizə əllərini uzada bilsinlər və sözlərini deyə bilsinlər? Zinhar!.. Nağıl edirlər ki, keçmiş vaxtlarda Araz çayı kənarında bir qoca kişi və cavan oğlu dağ keçilərinin şikarı qəsdi ilə uca dağların üstündə gəzərkən qoca kişi naqafil sıldırım qayadan uçur və bu heyndə oğluna çığırır: – Bala, mən getdim, sən gəlmə! Sabahkı gün dağın ətəyində qocanın ancaq parçaları tapılır. Bugünkü Beynəlxalq qadınlar günündə biz, ağzıoruc Zalxa xalalar və fatmalar üzümüzü cəmi Gülçöhrə və Şərəfnisə qızlarımıza tutub deyirik: – Bu gün dünyanın bir tərəfində Beynəlxalq qadın – bacılarımız azadlıq bayramı saxlayırlar, ancaq biz Şərqin köhnə və ölüş-kəmiş Zalxa xalaları və Fatma xalaları bu otuz gün mahi-rəməzanül-mübarəkin yomiyə duaları ilə müqəyyədik “ya əliyyü ya əzim, ya qəfurü ya rəhim!.. ” Və nə bu gün və nə bundan bir il sonralar, nə min illər sonra, bizim bu şəriət quyusundan, bu mövhumat batlağından çıxmaq və azad dünya qadınları ilə əl-ələ vermək ümidimiz yoxdur. Tək bircə ümidvarlıq o da siz Gülçöhrələrə və Şərəfnisə qızlarımızadır! Onunçün də biz Zalxa xalalar və Fatma xalalar haman qoca səyyad kimi üzümüzü sizə tutub deyirik: – Balalarımız! Biz getdik, siz gəlməyəsiniz!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 mart 1928, №10 * * * Mərkəz və qəzalar Yaz əkini kampaniyasına dair Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir. Bu il yaz əkini kampaniyası münasibəti ilə mərkəzdən qəzalara mart və aprel ayları müddətində üç milyon manata qədər pul buraxılır ki, fəqir əkinçilərə yardım olunsun. Mərkəzin vəzifəsinin ümdə hissəsi bundan da ibarətdir və bundan savayı rəhbərlik dəsturül-əməli də, əlbəttə, mərkəzdən öz vaxtında da qəzalara göndərilir. Beləliklə, bundan sonra iş qalır qəzaların insafına. Amma, bunu demək olar ki, qəzalarda da bəzi məmurlar öz təklifini layiqincə əmələ gətirmir; onunçün də nəticədə o məqsəd hasil olmur ki, hökumət ona müntəzirdir. Qarayev yoldaş 9 mart tarixli məqaləsində yazır və arzu edir ki, bundan sonra qəzalarda pambıq ziraəti dairələrində bəzi müşahidə olunan nöqsanlar götürülsün. Bu nöqsanların cümləsində bunu da göstərir ki, pambıq əkinçilərinə pul köməkliyi öz vaxtında gedib çatmır və əkinçinin pambığını qəbul edən nöqtələr pambığın qəbulunu təxirə salır. Hərçənd Qarayev yoldaş bu iki qüsurdan savayı yenə bir neçəsini qeyd edir; ancaq Molla əmi öz tərəfindən iqrar edir ki, qalan nöqsanlar nisbətən səhldir və onları biz hələ bir saatlığa pambıq məmurlarına bağışladıq. Ancaq bunu deyirik ki, əgər bu il kəndlilərə pulu təqsim edən müəssisələr və pambığı kəndlilərdən qəbul edən hökumət qapandarları bir azca insaf edib pulu da öz vaxtında paylayıb, əkinçiləri “get-gələ” salmasalar və pambığı da öz vaxtında qəbul edib əkinçini qoşa heyvanı ilə çöllərdə məəttəl eləməsələr, onda biz zamin ola bilərik ki, tək bu iki keyfiyyət pambıq məhsulunun artmağına da, əkinçilərin pambıqçılığa olan şövqünün də tərəqqisinə səbəb ola bilər. Əgər bu iki nöqsan aradan götürülsə, yenə çox təfavüt elər. Görək bu il qəzalarda bir para məmurlar insaf edəcəkmi?.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 mart 1928, №11 * * * Leylətül-qədr Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır. Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin. Amma bu gecəni tapmaq asan deyil və bəlkə bu vax-tadək hələ heç kəs tapa bilməyibdir və məlumdur ki, bu gecənin ibadətinin qiyməti qeyri min gecənin ibadətindən artıqdır. Onunçün bu on bir gecəni mömin müsəlman bəndələri bərayi-ehtiyat əhya saxlayıb, etikafa məşğul olurlar: əhyana bəlkə qədr gecəsini tapdıq. Və hər kəs bu gecəni tapsa və gecəni ibadətlə başa vursa, öz abavü əcdadının ərvahı cənnəti-illiyyində qərar tutacaqdır. Dünən eşitdim ki, bu il qədr gecəsini bazar əhlindən bir məşədi tapıbdır və bu münasibətlə xoş səadət məşədinin evində təkyə büsatı qurulmuşdu. Sonra eşitdim ki, Molla Fərəculla Molla Abdulla oğlu da qədr gecəsini tapıbdır və bazar əhli Molla Fərəcullagilə də axışıb gedirdi. Bu heyndə Hacı Rüstəm Hacı Allahverdi oğlunun damının üstündə müəzzin başladı münacat etməyə; dedilər ki, Hacı Rüstəm əmi də qədr gecəsini tapıbdır. Xoşa Hacı Rüstəm əminin səadətinə! Bizim xoşbəxt camaatın tapdıqları qədr gecəsi olanda, gör axmaq əcnəbilərin tapdıqları nə olur? Doktor Marqolius bədənin sümüyünün sınmış iki tikəsini birbirilə yapışdırmağa elə yapışqan tapıbdır ki, sınmış sümüklər o yapışqanla yapışandan yarım saat sonra elə bərkiyir, safa çıxır, guya heç sınmamış idilər. Göz təbibi Nadsov lap dibdən tökülən bir gözün içinə elə bir məharətlə saxta göz qondarır ki, ta bundan sonra bir gözlü adamlar yer üzündə tapıla bilməyəcək. İnsanı bundan sonra çaxotka azarından təmin etmək üçün frafsor Martin təzə bir dərman tapıbdır. Hələ bundan başqaları yenə bir çox şey tapmaqdadırlar və bu ixtiralar hamısı habelə rəmazan ayının qədr axtaran gecələrinə təsadüf edir. Demək, onlar – onu axtarır. Bunlar – bunu axtarır. Amma mən bircəsini arzu edərdim: qoy bunlar da axtarsınlar, qoy onlar da axtarsınlar; bunlar da tapsınlar, onlar da tapsınlar. Amma arzu edərdim ki, nə bunların tapdıqları nemətdən onlar feyziyab olaydılar və nə onlar bunların ixtiraından müstəfid olaydılar. Yəni kaş bu müqəddəslər qədr gecəsini tapan kimi çaxotka və boğaz ağrısı tutub əcələ surətdə özlərini hurilərə yetirə idilər və havanı təmizləyə idilər. Və kaş o qədr gecəsindən məhrum olan mütəxəssislər hər gündə təzə bir üsuli-müalicə ixtira edəydilər... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 22 mart 1928, №12 * * * Qadağa etmək Üç şeyi qadağan etmək lazımdır: Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar. Dünən küçədə iki cavan bir-biri ilə söhbət edirdi; daha özgə bir mövzu başlarına qəhət olubdur, biri o birindən soruşur: Allah var, ya yoxdur? O biri də cavab verir: əlbəttə, var. Qabaqkı cavan ikinci cavandan sübut və dəlil istədikdə o, belə dəlili-nəqli gətirdi; dedi ki, bu dünyada hər bir insan tutduğu əməlin müqabilində onun cəzasını çəkəcək. Necə ki, qurani-mübində müəyyən ayeyi-kərimə nazil olubdur: Fəmən yəmələ misqalə zərrətün xeyrə... və ilax. Və misqalə zərrətü şərrə və... ilax. Məsələn, əgər Əli əleyhüssəlamın evladı məlunlar tərəfindən şəhadətə yetirildilər və şiələrin ciyərini kabab etdilər, bu özü əlbəttə ki, Allahın varlığına bir böyük sübutdur; zira “müşrik” bəhanəsi ilə o qədər insanları ki, Əliyyün-mürtəza öz mübarək əli ilə qətlə yetiribdir – onların sayı-hesabı yoxdur və hətta həmin “əmirəl-möminin” dediyimiz Əli ibn Əbutalibin bu barədə hirsi gör nə payədə idi ki, öz qardaşı Əqili də əsir olduğu halətdə bir az qalmışdı ki, öz əli və öz şəmşiri ilə qətlə yetirsin. Hərçənd Əbdülhəmid zamanının nüfuzu təhtində tərbiyə tapan tarix yazanlar bu həqiqəti lazımınca qeyd eləmirlər və lakin bunu bir yolluq iqrar etməliyik ki, öz təbhiri ilə ictihad etmiş zalım oğlu “lisanül-mələkin” bu barədə rəvayətinə bizə etimad etmək lazım gəlir. Demək, atalar sözüdür: döymə qapımı, döyərlər qapını. İkinci məsələ ki, onu da qadağan etmək lazımdır, o da Yevlax dəmiryol qəsəbəsində ayağı çarıqlı kəndlilərə qadağan etməlidir ki, qırmızı yeməkxana kooperativinə gedib orada oturmasınlar. Bu qadağançılığın da iki mənası var: biri budur ki, kəndlilər öz vaxtlarını itirirlər və o qədər ki, stulu döyürlər ki, onlara yemək gətirsinlər, onların səsini heç kəs eşitmir. Səbəb? Bir yanda pianino, bir yanda qarmon, bir yanda göyçək erməni balasının tar çalmağı, camaat da kefli: bufetçilər kefli, şoferlər kefli, bir para qulluqçular kefli. Xülasə, bir vur-çatdasındır ki, Paris və Londonun burcuy şantanları da Yevlaxda kooperativ şantanına tay ola bilməz. Üçüncü məsələ də Yevlax müəlliminin “bazlığı”dır ki, bunun da şöhrəti Bakıya gəlib çıxıbdır. Bu barədə gələn nömrədə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 aprel 1928, №14 * * * “Tiryək” Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi. Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə. Allahsızlar bunu deyirdilər ki, pasxa bayramını və ümumən cəmi dini bayramları saxlamağın heç bir mənfəəti və mənası yoxdur; səbəb bu ki, dinlərin cümləsi əsassız bir qurğudur və avam camaatı iğfaldan başqa və onun cibinə hücumdan başqa burada qeyri bir mətləb yoxdur. Din tərəfdarları da bu qism mürtədlərin qabağına çıxıb, İsa və Musanı şahid çəkib, dad-fəryad edirdilər ki, xudaya, belə də iş ola bilərmi ki, məsum dindarlar – yəhudi və xaçpərəst öz pasxa bayramından əl çəksin?! Və əhyana, xudanəkərdə, əgər ondan bir belə məsiyət üz verərsə, daha İsa və Musa “əleyhüssəlamın” ruhuna nə cavab vermək olar? Bu mübahisələrə mən də tamaşa edirdim, ancaq qarışmırdım. O səbəbə ki, – necə ki, ərz olundu, – burada cəmiyyət xristian və yəhudi bayramları barəsində idi və inşallah, baxıb görürdüm ki, burada nə o tərəf və nə bu tərəf cürət edib müsəlman bayramlarının adını çəkmirdi və çəkə də bilməzdi. Allah şahiddir ki, batil olan yəhudi və xristian dinlərinin müqabilində heç bir kəs bərhəqq olan dini – Məhəmmədini tənqid edə bilməzdi (yəni bir dəlil tapa bilməzdi). Yenə sözüm burada deyil. Sözüm buradadır ki, o mübahisə məclislərinin birində məlun Allahsızlar cəmiyyətinin nümayəndəsi Dubinskidən mən bir “bicəngə” söz eşitdim: “tiryək”. Həmin natiq sözünü o yerə gətirib çıxartdı ki, dünyada cəmi dinlər bir tiryəkə oxşayır: necə ki, insan tiryəki çəkəndə nəşələnir və dünya və aləmi yadından çıxardır, – habelə də Allaha sitayiş və dinlərə ibadət etmək; burada da ibadət və etiqadın duxaniyyatı insanı elə bir ucalara aparıb çıxardır ki, bir vaxt ayılıb görürsən ki, yenə haman durduğun yerdəsən, ancaq daha sənin əlində cəhalətdən və savadsızlıqdan savayı bir şey qalmayıbdır. Molla Nəsrəddin “Molla Nəsrəddin” 19 aprel 1928, №16 * * * Sövqi-təbii və yaxud Həcc ziyarəti Təbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan. Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur. Əlbəttə, Allahın bu balaca heyvanlarının bu səfərinin bir təbii mənası var: bunlar ya “ac və çörəksiz” yerlərdən “ucuz və bol” bir məmləkətə köçürlər, ya bəlkə abü hava mülahizəsincə namüvafiq bir iqlimdən müsaid bir iqlimə hicrət edirlər, ya burada bir müəyyən xatadan nicat tapmaq məqsədi var. Bəhərhal, bizim müfrəd qarıncamız bu karvanın haraya getməyini və nə məqsəd ilə getməyini heç soruşmur: bir də görür ki, selin içindədir. Buna təbiət mütəfənninlərinin dilində sövqi-təbii deyirlər, ancaq bizim sadə danışıq istilahımızda buna biz “heyvanlıq” deyirik. Söhbətimiz həcc ziyarəti barəsindədir. Məlumdur ki, bu il Şərq ölkələrindən səkkiz min hacı Bakı yolu ilə gəlib Məkkəyə ziyarətə gedirlər. Bunların da hər biri fərdən-fərd, ola bilər ki, özlüyündə durduğu yerindən hərəkət eləməyə qabaqca niyyət eləmirdi. Bir də görür ki, özü kimi insanlar bunun gözünün qabağından bir yana hücum etməkdədirlər. Dəxi burada bizim müfrəd hacı kandidatımız artıq düşünmür və düşünmək də heç lazım deyil. Bunun heç xəyalına gəlmir ki, sürünün sənadidi, yəni dəstə başıları, burada ziyarət dəstgahından İngiltərə hökumətinin əli ilə çox böyük pullar qazanacaqlar. Və lakin bunlar mənə borc deyil; buradan sən dəxi siyasi məsələyə də hələ əl uzadırsan; amma mən bir bisavad iranlı, ya turanlıyam, mənə siyasət-zad lazım deyil, mənə Kəbeyi-şərifənin təvvafi lazımdır ki, bir yolluq yeddi silsiləmlə nicati-cavidanini tapa bilim. Bəs, həmin sövqi-təbii, yəni heyvanlıq xasiyyəti ki, dərs kitablarında yazıblar, – həmin mənadır ki, burada bəyan etməklə sizə dərdsər verdim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 aprel 1928, №17 * * * Zeynəb Firəngistanın ən müqtədir filosof və dramnəvisi Volterin qələminin əsəri olan “Zeynəb” adlı teatrı iki yüz il bundan qabaq böyük bir qiylü qala səbəb olmuşdu: bir tərəfdən islamın dininə iltifatını müzayiqə edən cəmi katolik mütəəssibləri əsər sahibini hədsiz təbrik məktubları ilə alqışlamağa başladılar və digər tərəfdən yer üzünün müsəlmanlarını həmin əsər artıq dərəcədə rəncidə-xatir qıldı; səbəb budur ki, “Zeynəb” deyilən həmin əsər fəxri-kainatımızın yeddinci övrəti Zeynəb Cəhş qızının Məhəmməd peyğəmbərə övrət olmağının müfəssəl rəvayətidir. Müsəlmanların da o vaxt Volterdən inciməkləri o babətdən idi ki, Zeynəb Cəhş qızı ilə seyyidüs-səqilinin münasibəti peyğəmbərin haman öz əsrində də xeyli danışıqlar və hədyanlar yaratdı və məlum ki, Məhəmmədin dininə sitayiş edənlər əbəda razı ola bilməzdilər ki, müşriklər və münafiqlər dillərində əzbər etdikləri böhtanlar indi dübarə təkrar olunsunlar və Paris, Londonun, Rim və Berlinin həşəmətli teatrlarında islamı dost tutmayan xristianların nəzərindən keçsinlər. * * * Söhbət buradadır ki, Zeynəb binti Cəhş deyilən – qabaqca Harisə oğlu Zeydin övrəti idi. Möhtərəm oxuculardan iltimasım budur ki, iki Zeynəbi bir-birinə qarışdırmasınlar. Xatəmül-ənbiya həzrətlərinin hesabı çox olan övrətlərinin içində iki Zeynəb var idi: biri Zeynəb Həzimə qızıdır ki, peyğəmbərin beşinci övrəti idi; ikinci Zeynəb də haman Zeydin övrəti idi ki, bir gün Məhəmmədül-mustafa səlləllahü əleyhə və səlləm Zeydin mənzilinə təşrif aparıb; Zeyd mənzildə yox imiş, onun övrəti Zeynəb Cəhş qızını başıaçıq görüb; amma çün Zeynəb həmin əsrin gözəllərinin ən birincisi sayılarmış, həzrət rəsulixuda da onu gördükdə onun şöhrətini həmin tarixi ibarə ilə təsdiq edir, belə ki, Zeynəbi görən kimi buyurur: “fətabarəkallah əhsənülxaliqin”. Elə ki, Zeyd evə gəlib bu fəqərəni eşidir, övrəti Zeynəbin üzünə baxıb dərindən bir ah çəkir və deyir: – Daha sən mənim əlimdən getdin. Zeynəb təəccüblü səbəbini soruşur və Zeyd belə cavab verir: – Səni ki, peyğəmbərimiz bəyəndi, daha ümid yoxdur ki, səndən əl çəkə. Çün tarixin cəmi təfsilatını bu kiçicik səhifəyə dərc etmək namümkündür, onunçün də müxtəsərcə bunu deyə bilərik ki, – necə ki, məlumdur, – peyğəmbər əleyhüs-səlam xudavəndi-zülcəlal tərəfindən nazil olan mütəvatir ayələrin hökmünə tabe olmaq babətindən axırda Zeynəbi Zeyd ibn Harisədən boşadıb, öz əzvaci-mütəhhərəsinin zümrəsinə yeddinci övrəti hesabı ilə daxil etdi. Bu müqəddəs iş vaqe olandan sonra Şamda rumlarla müharibə başlandı və rəsuləllah Zeydi Səryəyə əmiri-ləşgər təyin buyurdular və orada, Mütə davasında biçarə Zeyd qətlə yetişdi. Digər tərəfdən də məlun müşriklər başladılar peyğəmbəri-zişanımız barəsində min cür hərzə və hədyan danışmağa ki, guya fəxri-kainata, nəuzübillah, şayistə deyil idi öz oğulluğu olan Zeydin övrətini boşatdırıb özünə övrət eləsin. Odur ki, xudavəndi-təbarək və təala məlunların bu yersiz töhmətlərinin cavabında həmin ayeyi-şərifəni yuxarıdan aşağıya saldı ki, fürqanikərimin “əhzab” surəsində dərc olunubdur: “Məkanə Məhəmmədü əba əhd min ricaliküm”; yəni ay camaat, Məhəmməd siz kişilərin heç birinin atası deyildir, yəni necə ki, heç bir kəsin atası deyildir, bəs Zeydin də atası deyil, belədə onun mütəlləqə övrətini də özünə halal edə bilər. Sonra həmin bu keyfiyyət “xatəmül-nəbinin” sifətini tənqid edən islamın düşmənlərinin əlində böyük bir dəstaviz oldu; belə ki, katolik papası da “Zeynəb” teatrının hikmətməab müəllifinə atəşin mərhəbalar irsal etdi. Və lakin, bu axır vaxtlarda Parisdə akademik teatrında “Zeynəb” pyesinin nümayişi Əfqan padşahı Əmanullahın orada iqamətinə təsadüf etməyi cəhətindən baş tutmadı. Paris qəzetləri yazır ki, islam padşahı Əmanullahxanın xatirəsini Fransa hökuməti mülahizə edib, “Zeynəb” nümayişini iki həftə sonraya buraxdı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 may 1928, №18 * * * “Darvin”çilik və kommunistlər Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz. Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu. Ancaq – bir tərəfə baxanda – darvinizmin düşmənləri də bir növ haqlıdırlar; zira ki, əgər doğrudan da biz əgər duraq Darvin məsləkini tamamilə qəbul edək, onda da biz gərək cəmi kütübi-müqəddəsəni də və o cümlədən Quranı da büküb qoyaq kənara və bunların əhkamının cümləsini bir əfsanə hesab edək. Hələ qabaqlarda, 1809-cu ildə fransız elmi-həyat alimlərindən bir nəfər dinsiz Lamark insanla heyvanlar barəsində bir para pərpuçat sözlər danışanda xalq elə güman edirdi ki, bu Lamark bəlkə dəli olub; çünki bu şəxsin sözündən belə anlaşılırdı ki, insanla heyvanlar arasında cəzri heç bir təfavüt yoxdur; bütün heyvanlar aləmi ümumi bir zəncir təşkil edir və insan da bu zəncirin həlqələrindən biridir və bütün heyvanlar aləmi kimi insan da heç bir vaxt yaradılmamışdır: bunlar uzun inkişaf təamilləri nəticəsində meydana gəlmişlərdi. Pəh! pəh! Maşallah söz danışana! Bəs, Adəm peyğəmbər necə oldu? Bəs, Həvva haraya getdi? Bəs, peyğəmbərlər necə olsun? Bəs, müqəddəs kitabları hara tullayaq? Bəs, mübarək ayələr və hədislərə nə deyək? Xülasə, buradan yüz il keçməmişdi ki, bu başıdaşlı Darvin çıxdı. Bu rəhmətliyin oğlu nəinki Allahsız Lamarkı təsdiq etdi, bəlkə hələ... – dilim qurusun – murdar meymunu da biz insana yavıq qohum və əmoğlu qərar verdi. Va şəriəta! Vay yüz iyirmi dörd min peyğəmbər! Vay əimmeyiəthar! Vay pənctəni-ali-əba!.. (Mabədi bəlkə ola). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 may 1928, №19 * * * Əfqan padşahı Bu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə. Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır. İkinci məsələ də haman məsələdir ki, padşah cənabları Moskvada padşahın ziyarətinə şərəfyab olan müsəlmanların nümayəndələrinə fərmayiş edibdir; padşah buyurubdur ki, qadınları alçaqda saxlayan ancaq mollaların yalan moizələri və bəyanatıdır, nəinki müsəlman dinidir. Dünən Bakıda, bazarda çayçı dükanında bir babi ilə bir molla əyləşib çay içirdilər və həmin söhbəti danışırdılar. Molla əfqan padşahının mollalar barəsində fərmayişini eşidəndə başladı coşmağa və haman saat cibindən bir balaca Quran çıxartdı və üzünü tutdu camaata və dedi: – Biz mollalar, heç bir şeyi və heç bir sözü özümüzdən inşa etmirik, özümüzdən düzəltmirik. Bax, bu Quran; əvvəl açaq ikinci “bəqərə” surəsini; burada 2250-ci ayədə bir belə ibarə var: Vəlirricali əleyhünnə dərəcətün, yəni kişilərin dərəcəsi qadınlardan artıqraqdır. Bu, bir. İndi açaq otuzuncu “rum” surəsini və oxuyaq: Və min ayətəhu inn xəlqə ləküm min ənfüsükum əzvacən; yəni müxtəsər mənası budur ki, arvadlar kişilərdən ötrü xəlq olunublar. Sonra açaq dördüncü “nisa” surəsini: burada açıqca yazılıbdır ki, “vəzribuhünnə”; yəni arvadlarınız sözünüzə baxmasalar, vurun onları; ancaq elə vurun ki, qan axmasın və sümüyü sınmasın (Axund Mirməhəmməd Kərim ağanın təfsirindən). Çayxanada bir çoxlu camaat axundun sözünə qulaq asırdı. Elə ki, axund sözünü itmamə yetirdi, burada Bilal Müəzzin “allahü əkbər” deyib əzana şüru etdi. Camaat da “allahü əkbər” vird edə-edə çıxdılar dükan qabağına və başladılar hərə lüləyin axtarmağa və əlinə hər lüləyin alan məscid həyətinə qaçdı. Allahü əkbər! Allahü əkbər!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 may 1928, №20 * * * Qurban bayramı və quldur yığıncağı “Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin. Amma, nə vaxt? Yoxsa, sən elə xəyal edirsən ki, biz Allahın mömin bəndələri qurban büsatını lap tullayaq və İsmayıl yadigarından bilmərrə əl götürək!.. Sən, əvvəla, haman məqalədə yazırsan ki, Şəki əczaxanası bir quldur yığıncağıdır və ayda 240 manat məvacib alan müdir İmçislavski 124 manat da “sverxuroçnı” alır. Amma mən də deyirəm ki, bu sözlərin heç biri mənim qulağıma girmir. Səbəb budur ki, səhərdən axşama kimi gəzirəm və qoyun-quzunun bahalığı ucundan bir münasib heyvan ala bilmirəm ki, eydi-əzha naminə o günahsız heyvanın qanını axıdım. Sən yazırsan ki, əczaxanada ixtisas və ictimai vəziyyət heç bir rol oynamır; ancaq dost, aşna və qohumluq mülahizəsi ortalıqda iş görür və sozünün sübutu üçün Tiflisdən oğurluq üstündə sürgün edilən bir nəfər Koqan namın orada çox asanlıqla vəzifə tapmağını və tapandan da sonra yenə dübarə neçə-neçə quldurluqlarını bir-bir sayıb nağıl eləyirsən. Amma biz, Molla Nəsrəddin əminin idarəsi, bir şeydən yana nigaran qaldıq: bu haman Kaqanoviç hərifin dayı oğlusu deyilmi ki, keçən il Gəncədə “Yeni Gəncə” qəzetinə daraşıb, onun bir qədər pulunu və bizim də 85 manatımızı yedi?.. Və nəticədə “Yeni Gəncə” qəzeti dağıldı, yox oldu?.. Axırda da şikayət edirsən ki, səkkiz saat qaynar suda əlləşən fəhlə, doktorun yanına daxil olmaq üçün nömrə alır, növbəyə durur və axırda doktora min dil, cürbəcür hərəkətlərlə öz dərdini anladır, doktor baxır, dərman yazır, fəhlə dərman üçün gedir bir baş əczaxanaya... Fəqət heyhat! Burada fəhlənin ehtiyacını ödəmək üçün düşünənlər yoxdur. Bunlar ən sadə dərman istəyəndə də hamısına bir cavab verilir: yoxdur, yoxdur... Sən, əzizim, “R.” imzalı məqalə yazan, bilmirəm ki, bu sözləri kimə deyirsən? Amma bunu unudursan ki, indiki əziz günlərdə beləbelə sözlər müsəlman qardaşa əl verən sözlər deyil: əgər sən onların dərdinə doğrudan da yanansan, sən indidən onlara təlim et ki, qurban bayramının iki rükət vacibi namazı var və əvvəlinci rükətdə rükudan qabaq beş təkbir lazımdır demək və hər təkbirdən sonra qunut oxumaq lazım gəlir və ikinci rükətdə dörd təkbir var. Və bundan savayı bizə nə qəzet-məzet lazımdır, nə də sənin məqalən lazımdır. Xahiş edirəm bunu unutmayasan. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 may 1928, №21 * * * Xoşbəxt əksinqilabçılar Əliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair Dünyada əksinqilabçılar iki qismdir: Bir qismi bədbəxt əksinqilabçılardır, Və bir qismi də xoşbəxt əksinqilabçılardır. Bədbəxt əksinqilabçı biz o kəslərə deyirik ki, keçmiş zamanların geri qayıtmağını arzu edirlər və bu məqsədə çatmaq yolunda var qüvvələri ilə hökumətin qanun və qərardadlarını pozmağa çalışırlar və fırıldaqları açılanda da hökumətin müəyyən qanunları mövcibincə məhkəmə tərəfindən cəzalanırlar. * * * O ki qaldı, xoşbəxt əksinqilabçılar, o da o kəslərdir ki, hərçənd bunlar da bədbəxt əksinqilabçılar kimi geçə və gündüz köhnə əsrin geri qayıtmağı yolunda təbliğat və təşviqat vasitəsilə çalışmaqdadırlar, müntəzəm təşkilatlar yolu ilə apardıqları vəz və nəsihətlərlə qara camaatın nəzərində təzə inqilabi həyatı ləkələməyə ciddi-cəhd etməkdədirlər; ancaq bu qism əksinqilabçılar bilmirəm hansı meymənətli kəvakibin təhtində yaranıblar ki, bunların vücudu nəinki “biqanun”, bəlkə hələ qanuni hesab olunur. Əliheydər Qarayev yoldaşın rəvayətinə görə, Dağıstanda, Qazaxıstanda, Türküstanda, Acarıstanda, Krımda, Tatarıstanda hələ ruhani mədrəsələr baqidirlər və hətta bir vaxt Rusiya Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi bu saydığımız mədrəsələrin varlığını təsdiq etmişdir. Biz bu ruhani mədrəsələri əksinqilab yuvası hesab edirik; o səbəbə ki, biz öz vicdanımızla buna inanırıq ki, dünyada Şura üsuli-idarəsinin birinci qəddar düşməni ruhanilikdir və habelə ruhaniliyə ən qatı zərbə yetirən – Şura qanunları və kommunizmdir. Onun üçün də Qarayev yoldaş müfəssəl məqaləsinin bir yerində həmin məktəblər, məscidlər və mədrəsələr barəsində deyir: – Vaqiən, bu ruhani əksinqilabçıları xeyli xoşbəxt imişlər: o yerdə ki, Şura hökumətinin qiybətini eləyən bir şəxsi biz əksinqilabçı hesab edib, ona pis nəzərlə baxırıq və təhti-məsuliyyətə alırıq, eyni zamanda, özümüz öz əlimizlə sarıqlı müftəxorlara icazə veririk ki, çıxsınlar minbərə və oradan qara camaata moizə etsinlər ki, mülkədarlardan qəsb olunan torpaqlar – haramdır, üzüaçıq qadına baxmaq – haramdır, rəmazan günləri acanda çörək yemək – haramdır və tək bircə Allaha və bircə padşaha qail olmamaq – haramdır. * * * Ay xoşbəxt əksinqilabçılar! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyun 1928, №24 * * * İnzibati idarə Lənkəranda iki inzibati idarə vardır. Biri Hökumət inzibati idarəsidir, biri də Krepost məhəlləsində müxbir Molotovun inzibati idarəsidir. Molotov əslindən aptekxanada əczaçıdır. Ancaq bu işdə də ixtisası yoxdur. Onun üçün də qayırdığı davalardan hərdən bir uşaq-muşaq da zəhərlənibdir ki, işi indi istintaqdadır. Onun üçün də Molotov gördü ki, bu əczaçılıqdan bir mətləb çıxmayacaq, özünü verdi müxbirliyə. Lənkəran da ki, bir xırda avamistan məmləkətdir. Bu da başladı yazmağa. Bir az keçmədi ki, Lənkəranın məsul işçiləri qorxusundan başladılar bunun başına cəm olmağa, buna itaət etməyə. İndi qılıncının dalı da kəsir, qabağı da kəsir. Çünki hər bir kəsin ki, bir müddəisi ya bir rəğibi var, gedir Molotova şikayət edir və yalvaryaxar ilə müddəisini ya rəğibini qəzetəyə yazdırır. Necə ki, axır vaxtda Cavad Babayevin müddəilərinin və rəqiblərinin birinin yalvarmağına görə Molotov gündəlik böyük qəzetələrin birinə yazdı ki, Babayev arvadını qeyri-bir idarədə maşiniska qulluğuna qoydurub və baldızını da yenə bir əlahiddə idarədə bir balaca qulluğa qoydurub (doğrudan nə böyük cinayət!!! Vaveyla!). Xülasə, əczaçılıqdan-məczaçılıqdan bir mətləb hasil olmur (onda də əczaçılıqdan heç başın da çıxmaya). Özünü ver bir avam və qaranlıq yerə və adını qoy müxbir. O dəmdə sənin qapın köhnə əsrlərin qubernat qapısına oxşasın. Cırcırama “Molla Nəsrəddin”, 21 iyun 1928, №25 * * * Təəccüblü işlər Əfqan padşahının builki Avropa səfəri məni bir para fikirlərə gətirib çıxarır. Sözün doğrusu, mən bir fağır qoca adamam və dünyanın çox da dərin məsələlərindən başım çıxmaz. Amma onu bilirəm ki, əfqan padşahının bu ilki səfəri keçmiş şahların səfərindən bir çox təfavütlü nəzərə gəldi. Təfavutün birincisi budur ki, – necə ki, hamı da görür, – əfqan padşahına cəmi hökumətlər tərəfindən nəhayət dərəcədə və həddindən – artıq mehmandustluq və məhəbbət izhar olundu. Bu da, elə bilirəm, padşahın bəxtindəndir; çünki keçmiş padşahların səfərini yadıma salanda, doğrudan da o şəhid Nəsrəddinşaha lap yazığım gəlir. Belə ki, indiki kimi yadımdadır, Nəsrəddin şah düz qırx il bundan müqəddəm Avropa səfərinin təhiyyə tədarükünü görəndə qabaqca cəmi padşahlardan piş əz vəqt içazə istəmişdi. Doğrusu bu siyasi məsələləri mən nə o vaxt başa duşə bilirdim (çünki mən o vaxt uşaq idim. Uşağın da ki, o qədər dərrakəsi ola bilməz) və nə indi, qoca vaxtımda başa düşürəm (çünki-əslindən siyasi işlərdən mənim o qədər başım çıxmaz, zira mən əslindən bitərəf bir yazıçı mollayam, partiyabazlığnan da işim yoxdur). Ancaq bu yaxşı yadımdadır ki, rəhmətlik Nəsrəddin şaha cəmi padşahlar onların məmləkətinə varid olmaq icazəsini verəndə, tək bircə qudurğan Şvetsariya hökuməti cavab vermişdi ki, əzbəs ki, Şvetsariya məmləkəti “sosializm bayrağına sitayiş edir, bu səbəbdən şah həzrətləri rəsmi surətdə Şvetsariya torpağına daxil ola bilməz və rəsmi mehmannəvazlıq şəraitini həmin cümhuriyyətdən müntəzir ola bilməz və lakin təğyiri-libas olub, adi bir vətəndaş qiyafəsində azad Şvetsariya məmləkətinə hər bir vaxt təşrif gətirə bilər”. Doğrusu, bu söhbətləri burada mən necə ki, bir qoca adam, xatirat olaraq söyləyirəm; yoxsa Allah şahiddir ki, nə Nəsrəddin şahla işim var, nə də əfqan padşahı ilə (amma, görəsən, Əmanullah xan bu yaxşılıqları təqdir edə biləcəkmi?.. ) Xülasə, hərdən bir keçmiş günləri yada salmaq hər bir qoca adamın peşəsidir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 iyun 1928, №26 * * * “Cəmdək” Avam arasında “cəmdək” – heyvan ölüsünə deyirlər. Söhbəti burada qoyub, qeyri məsələnin müzakirəsinə keçmək istəyirəm. * * * Dünən küçədə bir müsəlman qardaş məni dayandırıb üzr istədi və soruşdu: – Molla əmi, ağlın nə kəsir, görəsən, bu babi dini ki, ortalığa salıblar, bu gözəl dini, görəsən, bəs nə səbəbə keçəl-küçəl və tiryəki müsəlmanlardan başqa qeyri millətlər qəbul eləmədilər; məsələn, dünyada nə bir nəfər erməni babisi var, nə gürcülərdən babiliyi qəbul edəni eşidirsən, nə rus, alman, firəng, ingilis, amerikan. Xub, əgər bu din həqiqətdə gözəl, doğru bir dindir, səbəb nədir ki, dünyada dılğır müsəlmanlardan savayı qeyri bir millət bu gözəl dinə yanaşmadı? Küçədə bu suala cavab verməyi mən bica hesab eləyib, üzr istədim və çıxıb yolumla getdim. * * * Dünən bütün gecəni bədxab keçirtdim; bu fikir mənim yaxamdan yapışıb əl çəkmirdi: – Aya, nə səbəbə dünyada nə bir nəfər erməni babisi var, nə gürcü, firəng və rus?.. Ancaq sübhə yavıq xəyalıma bir belə təşbih gəldi. Bədən ki, var–insan və ya heyvan–nə qədər ki, salamat və təndürüstdür, razı olmayacaq ki, sair həşərat ona daraşsın: bu iki qüvvə bir-biri ilə bir qədər mübarizədən sonra bədən qalib gəlib, həşəratı özündən dəf edəcək. Çünki bədən salamatdır. Amma zamani ki, bədən qüvvətdən düşdü, – dəxi burada mübarizəyə çıxmaq imkanı tapmayacaq; onun üçün də azardan zəif tapmış bədənə mikroblar həmişə mail olurlar, ta o yerə kimi ki, bədən candan düşdu, nəfəs kəsildi, – dəxi meyit və yaxud cəmdək hər saydığımız düşmənlərin hücumuna bilaixtiyar təslim olur və az bir vaxtda bu ət parçasına milyon və milyardca həşərat daraşır ki, onunla xörəklənib yaşaya bilsinlər. Bu–təbiətin bir qanunudur ki, Darvin ona həyat mübarizəsi və eyni zamanda “babilik” adı qoyur. Hər kəs Darvinin kitabını əlinə alıb oxusa, orada xah təbiət tarixindən və xah babi və bəhayilikdən çox nüktələr anlaya bilər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 iyul 1928, №27 * * * Bitərəflər və din M. Quluyev yoldaşın “Firqə və din” məqaləsinin dalınca “Kommunist” qəzetinin altı iyul tarixli nömrəsində çap olunmuş haman məqalədə məqalə sahibi ancaq firqənin din və dinsizliyə nə münasibətdə olmağından bəhs edib, biz bitərəflərdən bir söz də danışmır. Və bunun səbəbini də özü bilər. Ancaq bu var ki, bitərəflər barəsində heç bir söz də danışmamaq da yaramaz: yenə bir söz danışmaq lazımdır. Bəs, bir surətdə ki, Quluyev yoldaş danışmadı, onu indi biz danışaq. Biz bitərəflər bunu öz vicdanımızla deyirik ki, din və dinsizlik məsələləri dairəsində biz dinsizlərlə və Allahsızlarla müttəhidürrəy və bir əqidədəyik. Onlar deyirlər: “allah yoxdur!” Biz özümüz də onu deyirik; çünki Allahın varlığına inanmaq, yox bir şeyin varlığına inanmaqdır. Bu, yəqin ki, belədir. Ancaq bu yolda biz bitərəfləri firqəçilərdən ayıran tək bircə məsələdir: o da “abır” və “ədəb” məsələsidir. Axı bir dəqiqə fikrini mənə verib bu bir neçə kəlmə sözümə diqqət ilə qulaq as: biz, bitərəflər ki, varıq–vallah, billah, – firqəçilərə Allahsızlıqda bir təpik də hələ vurmuşuq. Amma di gəl ki, axı, bu sözü avam camaat içində danışmaq olmur: insanın hörməti bilmərrə götürülür. Biz bitərəflər zatən tədbirli və ehtiyatlı bir adamıq və heç vaxt istəməmişik ki, bir toyuq da bizdən incisin; onunçün də biz inqilab-minqilab bilmənik və qeylü qallı işlərdə iştirak etməmişik və inşallah etmənik də. Atalar sözüdür: “ağrımaz başım”. Yoxsa nə vacib olubdur ki, avam içində etiqad barəsində artıq-əskik söz danışım ki, avam məndən bədgüman olsun. Bu, bir. Bir məsələ də burasındadır ki, xub, sən deyirsən: nə cənnət, nə cəhənnəm, nə Allah və nə peyğəmbər, –bunlar hamısı yalandır və əsatirül-əvvəlindir. Və sənin həmin moizənin ucundan iman əhlləri bir saatlığa tutaq ki, vacibi və sünnəti əmalını və ibadətini yerinə yetirməyib binamaz qaldılar. Və axırda da birdən cənnətdə və cəhənnəmdə mizan və tərəzi də doğru oldu. O vədə bəs necə olsun? Əlbəttə, belə xülyalar insanın fikrinə gələndə deyir: yox, iman əhli olmalıdır. Çünki, doğrudan da, bəlkə Qurani-kərimdə xəbər verilən doğrudur ki, “cənnətün tücri min təhtihəl-ənhar və ləhüm fiha əzvac, müttəhərə”. Bəlkə doğrudan da axırda bir belə iş çıxdı. Oradan ki, bir xəbər gətirən yoxdur ki, desin: yalandır. Və bir də ki, yenə buyurubdur: fəmən yəməlü misqalə zərrətün xeyrə, fəmən yəməlü misqalo zərrətü şərr! Xülasə. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 iyul 1928, №28 * * * Ləkə Ləkə pis şeydir. Bunun pisliyi iki babətdəndir: Biri budur ki, ləkə həmişə çirkindir və o yerdə ki, bir ləkə var, – o yer çirkin görsənir. İkinci pisliyi də budur ki, ləkə bir yerə düşəndə, çirkin ləkədən savayı, o yeri yavaş-yavaş deşib yırta da bilər. Onunçün ağıllı və səliqəli insanlar bir yerə ləkə düşən kimi, ciddi-cəhd eləyirlər ki, o ləkəni tezliklə rədd eləsinlər. Ancaq burada bir neçə “istisna” əhvalatı da var ki, bizim dilə çöndərəndə onun mənası “qaydadan çıxmaq” gəlir. Məsələn, ləkəni bir neçə xüsusda rədd eləmək caiz deyil: biri keçəllik ləkəsidir; çünki müqəddəs adamların çoxundan hamımız bunu eşitmişik ki, keçəllik insana xoşbəxtlik gətirər. Onunçün də müsəlman aləminin üç yüz əlli milyon nüfuzunun üç yüz qırx doqquz milyonu keçəl-küçəldən ibarətdir (eyni zamanda Şeyx Qəninin müqəllidləri də). Ləkəni bir xüsusda da rədd eləməyi məsləhət görmürüz; o da Naxçıvan ilə Lənkəranın qulluqçularının içinə çox vaxtdan bəri düşən şeytənət ləkəsidir; bu ləkəni də buralarda saxlamalıdır; səbəbi budur ki, şeytənət və nadinclik özü bir məşğuliyyətdir. Əgər bu məşğuliyyət aradan götürülsə, naxçıvanlılar ilə lənkəranlıların yəqin ki, bikarçılıqdan başı ağrıyar. Bu uzun-uzadı və heç bir kəsə lazım olmayan təmhid müqəddəmədən sonra, ağama ərz olsun ki, Allah da buna şahiddir və insanlar da görür ki, indiki övzada bizim camaatımızın üstündə qədimül-əyyamdan bir para ləkə var. Bu ləkələr ibarətdir fəqir və füqəranın qanını soran bir para “zəli”lərdən. Biri, məsələn, əyləşib Cəbrayıl ölkəsinin “Xanlıq” qəsəbəsində və adını qoyub Ağayi-Çələbi; biri əyləşib Şəkinin Qoxmuq kəndində və adını qoyub Abdulla əfəndi. Qəribə burasıdır ki, bu saydığımız zəlilər və bunların əmsalı, o yerdə ki, biçarə əhalinin qanını sorandan sonra özləri görürlər ki, dəxi bədəndə qan qalmadı, – amma yenə əl çəkmirlər. Qabaqlarda mən uzaqdan bu işlərə tamaşa edəndə mat və məəttəl qalardım; çünki bu dərdə bir çarə tapa bilməzdim və nə qədər fikir edərdim – bir yana çıxarda bilməzdim. Bu günlərdə qəzetlərdə gözümə R. Axundov yoldaşın bir məqaləsi sataşdı. Orada bu qəbil zəlilərdən söhbət olunurdu. Məzə budur ki, R.Axundov yoldaş bir asanca çarə təklif edir: “zəliləri qopardıb uzaqlaşdırmaq”. Doğrusu, dilim-ağzım qurusun, bu yer üzünün əmma-məli padşahlarından uşaqlıqdan gözüm elə qorxub ki, bu saat da qorxumdan titrəyirəm. Amma bundan savayı bir özgə çarə fikrimə gəlmir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 iyul 1928, №29 * * * Allah Hərçənd ki, bu məqaləmin adını mən başdan “Allah” – deyə yazıram, ancaq burada mən “Allah”dan danışmaq istəmirəm, yeni hürufatdan və köhnə hürufatdan danışmaq istəyirəm. Başdan “cənab Allahın” adını zikr eləməyimin də iki səbəbi var: bir səbəbi budur ki, ümumiyyətlə, hər bir işə iqdam edən hər əhliimanın borcudur ki, yeri-göyü yox yerdən yaradan xaliqi yada salsın. İkinci səbəbi də budur ki, bir surətdə ki, indi ortalığa yeni bir hürufat da çıxıbdır, belədə biz türk tayfası hələlikdə iki hürufata sahib olur, biri təzə hürufat, biri də ki, köhnə hürufat. Təzə hürufatın adı, – necə ki, məlumdur, – təzə latın hürufatıdır. Amma köhnə hürufata hələ indiyə kimi yaraşan bir ad qoyan olmayıb. Doğrudur, köhnə hürufata “ərəb hürufatı” da deyirlər; amma bir qədər fikirləşsək, görərik ki, ərəb hürufatını “Allah hürufatı” – deyə adlandırmaq daha da doğru və düzgün olar. Filhəqiqə: bir mülahizə edək görək, dünyada heç bir qeyri hürufat ağla gələ bilərmi ki, cənab Allahın ismi-şərifi layiqincə yazıla bilsin. Biz ki, müruri-dühur adət eləmişik yazmağa “Allah”, bir insafla deyiniz görək latın hürufatı ilə nə tövr yaza bilərsən ki, Allahın ismi-şərifi belə əzəmətlə, qüdsiyyətlə və belə gözəlliklə səbt olunsun? Məsələn: “ ” Pəh! pəh! pəh! İndi qoçaqsan əgər, qeyri bir hürufatla bunu yaz görüm. Bəli, latın hürufatı ilə yazacaqsan “allah”. İndi bir insafla söylə görüm, bu latın yazısında elə bir qüdsiyyət varmı ki, onu oxuyanda bir salavat çöndərək? Mən, doğrusu, köhnə bir adamam və sən deyəndə ki, ərəb hürufatı insanların mədəniyyətinə mane olur, çünki bununla mətbuat və çap işləri tərəqqi edə bilmir, mən də deyirəm: axı, mətbuat və çap işlərindən başqa dünyada qeyri bir işlər də var ki, onları da unutmaq olmaz. Əgər sən durub birdən bizə Allah hürufatını, yəni ərəb hürufatını ləğv eləyib qoyasan kənara, onda bir xəyal elə gör, nə tövr biz müqəddəs peyğəmbər və imamlarımızın ismi-mübarəklərini nəzərə çəkə biləcəyik? Məsələn, insafdırmı xatəmül-ənbiya həzrətlərinin adını binamaz latınların hürufatı ilə belə yazaq: Mühəmməd, habelə qeyriləri. Onunçün də mən, qoca bir molla, hürufat məsələlərini idarə eləyən müəssisələrdən və şəxslərdən xahişim budur ki, axır hürufatın hansı birisini pozub, hansı birisini işə salmaq istəyirlər istəsinlər, ancaq bəndeyi-həqirə icazə versinlər, köhnə müqəddəs ərəb hürufatı ilə nə qədər ki, canım sağdır, ancaq beş-on kəlmə söz yazmağa ixtiyarım olsun ki, ibarət ola bunlardan: Allah, 2) Məhəmməd, 3) Əli, 4) Fatimə, 5) Həsən və 6) Hüseyn. Əgər qalan imamların da adlarını yazmağa icazə verildi, – fəbəhəlmətlub əgər verilməsə, acizanə rica edirəm ki, islam dininin rüknü və zəmanənin hüccətini, on ikinci imam–imam Mehdiyəl-Sahibəzzəmanın ismi-mübarəklərini qeyri binamaz millətlərin hürufatı korlamasınlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 26 iyul 1928, №30 * * * Müftə şöhrət İki qəbil söhbət dünyada vardır: biri – müftə şöhrət, biri-qiymətli şöhrət. Qiymətli şöhrət elə bir şöhrətdir ki, onu qazanmaq üçün gərək zəhmət və qeyrət sərf edəsən, ya bir qabiliyyət göstərəsən. Müftə şöhrət də odur ki, boşboğazın biri qəzet idarəsinə bir gurultulu yalan xəbər gətirə, sən də ona inanıb çap edəsən və beləliklə, dünyaya gurultu salasan və müftəcə şöhrət qazanasan. Keçən iyun ayının 26-da “Vışka” qəzetində Xalq Maliyyə Komissarlığı barəsində yazılan gurultulu məqaləni oxuyanda yəqin eləmək olardı ki, Xalq Maliyyə Komissarının və onun müavinlərinin də dəxi işi bitdi. Çünki həmin qəzetdə yazılmışdı ki, aparat dağılmaqdadır, vergi idarəsi ilə xüsusi alverçilər arasında rabitə təşkil olunub və müvəhhəş kabinədə komsomol qızlar zorlanır və qeyri. Amma indi nə məlum olur? Məlum olur ki, mərkəzi kontrol komissionu tərəfindən aparılan və bir aya qədər davam edən təhqiqat nəticəsində səlahiyyətdar firqə orqanlarımız müəyyən etmişdirlər ki, Xalq Maliyyə Komissarlığının vergi işləri aparatı vergi alınması işinə dair yürütdüyü siyasətində düzgün sinfi xətti-hərəkət götürmüş, vergi qalıqlarını toplamaq işində lazımi qədər çalışmış, maliyyə siyasətimizə dair bütün direktivləri həyata keçirmiş və ümumiyyətlə, iş, fəaliyyət nöqteyi-nəzərincə böyük bir müvəffəqiyyətlə çalışmışdılar və qız zorlamaq söhbətləri də yalan imiş. Qəzetlər bu barədə yazıb xəbər verirlər ki, mərkəzi kontrol komissionun qərarını işçilər böyük razılıqla alqışlayacaqlar. Səbəb budur ki, komissionun bu qərarı dövlət aparatımızın mühüm bir cəhətini təşkil edən və maliyyə işlərimizin düzgün bir surətdə də getməsinə çalışan Xalq Maliyyə Komissarlığının fəaliyyətini çox doğru olaraq göstərir. Amma qəzetlər bunu da yazırlar ki, düşmənlər də məyus bir vəziyyət içərisində qalacaqlar. Doğrusu, burada bir nöqtə var ki, mən onu yaxşıca düşünə bilmirəm. Əlbəttə, düşmənlər ki, var Şura hökumətinin hər bir nöqsanına və əskikliyinə şad olacaqlar və habelə hər bir müvəffəqiyyətinə naşad və məyus olacaqlar, çünki onların da təklifi budur. Amma bir şey də var ki, “Vışka” qəzetində dərc olunan gurultulu məlumatın nəticədə əsilsiz çıxmağı axır bir adamı da məyus bir vəziyyətdə qoya ki, o da ibarət olsun qəzetə bu əsilsiz məlumatı yetirən Kunitsin yoldaşdan. İndi mən burada bilmək istəyirəm ki, Kunitsin yoldaş həqiqətdə məyus olacaq, ya yox? Mənim bu sualımı siz səhl saymayasınız gərək, səbəbi budur ki, qəzetlər deyirlər ki, komissionun qərardadı bizim düşmənlərimizi məyus edəcəkdir. Əgər burada vaqeən Kunitsin yoldaş da məyus olacaqdır, onda biz onu da düşmənlərimizin cərgəsinə daxil edək. Amma belə də deyil, valliahi-ələm. Amma doğurdan da, iyun ayının 26-da zalım oğlu dünyaya yaman gurultu salmışdı. Elə bilirdim ki, dəxi Maliyyə Komissarlığının pilləkanının baş pilləsindən aşağı pilləsinə kimi hamısının dəxi işi bitəcək. Allah hər işin axırını xeyir eləsin, necə ki, başıbəlalı Maliyyə Komissarlığımızın işinin axırını xeyir elədi. Molla Nəsrəddin “Molla Nəsrəddin” 2 avqust 1928, №31 * * * Yaşasın belə millət Rus-Yapon davasından sonra, Qafqaz millətlərinin burnuna bir cüzvü hürriyyət qoxusu dəyən kimi, qəzetlər hərə öz millətini alqışlamağa başlamışdılar. Habelə o vaxt Bakıda çıxan türk qəzetləri də bir səs ilə bağırırdılar: – Yaşasın belə millət, yəni yaşasın bizim türk milləti! O vədə mənim o alqışlara bilmirəm nədənsə gülməyim gələrdi. Amma, necə ki, adam adama deyər: balam, gülmə, öz başına da gələr. İndi də bu gün mən də üzümü öz millətimə tutub, doğrudan da deyirəm: – Yaşasın belə millət!.. Bu gün millətimi alqışlamağa səbəb türkcə “Kommunist” qəzetində (nömrə 177) dərc olunan “Ayrım” imzalı “İşıqlı Gəncə qaranlıqları” sərlövhəli məqalə oldu. Burada məqalə sahibi yazır ki, Gəncə qəzasında bütün Dəstəfur dairəsində yalnız bircə nəfər savadlı kənd ispalkomu var və sonra yazır: “Belə bir dairədə nə kimi bir iş gözlənilə bilər?”. Həmin məqalədə, sair nöqsanları göstərən kimi, məqalə sahibi bunu qeyd edir ki, “bütün kəndlər arasında yol deyiləcək şey yoxdur”. Mən, Molla Nəsrəddin əmi, “Kommunist” qəzetində bu məqaləni oxuyandan sonra özümü borclu bildim burada bu bir neçə sözu yazıb oxucularımızın nəzərinə yetirəm ki, hər bir kəs ki, “Ayrım” yoldaşın məqaləsini nəzərindən keçirəcək, iştibah etməsin və agah olub bunu bilsin ki, dünyada xah Dəstəfur dairəsi ispalkomları olsun, xah qeyri dairələrin ispalkomları olsun – onlardan hər bir işi gözləmək də olar, gözləməmək də olar; o da baxır sən gözlədiyin işə. Aya, görək nə iş gözləyirsən? Əgər sən gözləyəcək iş elə bir işdir ki, onu məhz savadlı adam aşıra bilər, onda mən qabaqcadan səndən üzr istəyirəm; çünki həqiqətdə, əgər bisavadlığı sən qüsur sayırsan, onda mən Azərbaycan torpağımızın cəmi dairələrinin ispalkomları barəsində yanında özümü xəcil və şərməndə elam edirəm. Sən gərək bilmiş olasan ki, bizim müqəddəs torpağımız padşahlar, xanlar və şəriətmədarlardan bizə çatan bir torpaqdır ki, keçmiş zamanlarda o əsrin qəzetləri savadsız və yolsuz Dəstəfur dairələrini görə-görə “yaşasın” – deyib həmişə alqışlayıblar və o əsrin vaizləri və şəriətmədarları, millətin huş-guşunu ancaq cənnətə tərəf cəlb edib, yolsuzluğu və savadsızlığı bir eyib sanmayıbdırlar. Torpağın hakimləri də avamın qaranlıqda qalmağını öz vəziyyətləri üçün lap da müsaid görüblər; onunçün də cəhalət qaranlığını bir ispiçka işığı ilə də işıqlandırmağı lazım görməyiblər. Xub, bu ki, belədir, bir surətdə ki, keçmiş qələm sahibləri və şairləri də bizim bu gözəl vətəni “yaşasın” – deyib tərif və tövsif ediblər, mən də öz tərəfimdən Dəstəfur dairəsinin və cəmi Azərbaycan dairələrinin savadsız və yolsuzluğuna “Ayrım” yoldaşla tamaşa edib deyirəm: – Yaşasın belə millət!.. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 avqust 1928, №32 * * * Qırmızı hərflər və bistü həştüm “Azərnəşr” mətbəəsinin xidmətçiləri türk təqvimini düzəndə səfər ayının iyirmi səkkizinci gününü qırmızı hərflər ilə çap eləyiblər. Bunun mənası budur ki, necəki məlumdur qırmızı rəng inqilab əlamətidir. Ancaq, çünki “Molla Nəsrəddin”in oxucularının bir parası avamdır və tarixə lazımınca aşina deyillər, ola bilər ki, bu sözlərin mənasını dərk edə bilməyələr. Səbəb budur ki, qırmızı rəngi bizim camaatımız doğrudan da həməvəqt inqilab əlaməti hesab ediblər. Belə olanda, ola bilər ki, avam oxucularımızın bir parası bu sualın müqabilində aciz qalalar ki, aya bistü həştüm gününün inqilaba nə dəxli var? İnqilab əlaməti olan qırmızı rəng və qırmızı hərflər ilə səfər ayının iyirmi səkkizinci gününü qeyd etməyin mənası nədir?... Biz Molla əminin yazıçıları bunu boynumuza götürürük və ərəblər demişkən etiraf edirik ki, biz özümüz də bunu başa düşmürük ki, bunun hikməti nədir və nə səbəbə “Azərnəşr” mətbəəsinin dindar xidmətçiləri səfər ayının iyirmi səkkizinci gününü seyid rəngi olan göy və yaşıl rəngi ilə rəngləmək əvəzində, həmən günü inqilab rəngi hesab olunan qırmızı rəng ilə rəngləyiblər. Əgər Tehranda çap olunan “Vətən” qəzetəsinin iyirmi birinci nömrəsi bu gün əlimizə çatmasaydı, həqiqətdə yuxarıda zikr olunan məsələyə biz bir yandan cavab tapa bilməyəcəydik. “Vətən” qəzetəsi iyirmi birinci nömrəsinin baş məqaləsində meydana qoyduğu fikir vaqiən bir kəşf dərəcəsində təzə bir fikirdir. Heç təfavütü yoxdur ki, birisi aylar ilə dəryaları seyr edib, bir yeni dünya kəşf edir. O birisi də öz kabinəsində oturub, insanlara yeni bir xəbər verir, təzə bir əqidə izhar edir, meydana qəribə bir məsələ atır ki, indiyədək heç bir kəs onu eşitməmiş olur. “Vətən” qəzetəsi yazır ki, Bakıda nəşr olunan təqvimdə Hüseyn əleyhüssalamın əza günlərinin qırmızı rəng ilə rənglənməyinin səbəbi budur ki, Seyyidüşşühəda Hüseyn ibn Əli öz şəhadəti ilə elə bir böyük inqilab icad etdi ki, dünya xəlq olunandan indiyədək heç bir insan elə inqilabı törədə bilməyibdir. Qəzetə həmin məqalədə bunu da yazır ki, Hüseyn əleyhüssalam bu şəhadəti qəsdən qəbul etdi. Və illa o qədər ki, müsəlmanlar Bəni- Haşim xanəbadasına mayil idilər, kifayət qədərincə qoşun cəm edib, çox asanlıqla müxaliflərə qalib gələrdi. Ancaq istəmədi. Səbəbi bu idi ki, imami-şəhid bunu bilirdi ki, bu dünya üç günlük bir dünyadır. Bu bivəfa dünyanın hər bir həşəmət və calalının axırı yenə ölümdür. Bəs, şəhid olub, axirətdə baği bir səadət qazanmaq dünya xoşbəxtliyindən əfzəldir. * * * İndi biz də Qasım bəy məscidində ərbəin günü başlarına vuran mömin müsəlman qardaşları görəndə bilmirik hansına inanaq? Əgər sizin imamınız doğrudan öz meyl və məhəbbəti ilə şəhadəti qəbul etdi və indi cənnətin əla dərəcəsində hurilərlə gününü keçirir, bəs, daxi siz niyə keçəl başlarınıza çırpırsınız, ey Şeytan bazarın keçəl-küçül hacı, məşədiləri?... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 avqust 1928, №34 * * * İkinci sənayeləşdirmə istiqrazı Bir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq? Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə. Saniyən, istiqraz vərəqələrindən cəm olan pullara təzə yollar açılacaq və təmir olunacaq. Salisən, bu pullarla körpülər çəkiləcək, kənd təsərrüfatı yüksəldiləcək və belə-belə məmləkət abadlığına dair təzə binalar və müəssisələr qurulacaqdır. Sözün doğrusu, mən burada bir qədər çətin yerə dirənmişəm və qəzetlər öz oxucularına belə bəyanatı verəndə, mən bilmirəm öz qarelərimə nə deyim? Çunki əgər mən də durub sənət-mənət sözünü danışsam, qorxuram oxucularımın yanında xəcalət çəkəm. Sözün vazehi budur ki, necə ki, hamıya da məlumdur, “Molla Nəsrəddin” qareləri və tərəfdarları cəmi iman əhlidir ki, sövmü səlatdan bir an qafil deyillər. Əgər mən duram onlara fabrik və zavoddan rəvayət edəm, qorxuram sözüm boş keçə və mömin qardaşıma kar eləməyə; səbəb budur ki, necə ki, Allah da buna şahiddir, xah şuralar mədəniyyətinin və xah Qərb mədəniyyətinin fabrik və zavodundan hasil olan əmtəə Molla əminin dindar qarelərinə əlverişli deyil; Molla əminin oxucuları arzu etdikləri ancaq möhür və təsbeh karxanasıdır ki, məəttəəssüf nə birinci istiqraz vaxtında və nə indi ikinci istiqraz söhbətlərində bu müqəddəs karxanalardan bir işarə və əlamət nəzərə gəlmir. Qaldı ki, yol söhbəti, əlbəttə, bunu danmaq olmaz ki, dünyada bir yandan bir yana hərəkət etmək üçün sərrast yolun heç eybi yoxdur; ələlxüsus ki, oturasan şamandaferə və biləsən ki, bu cin-şəyatin əməli qorxusuz, atsız və ulaqsız, bir dəqiqədə fırıldayıb səni rahatca bir ziyarətgahdan o biri ziyarətgaha aparacaq (ətabati-aliyat, qərib imam Rza, heç olmasa bizim dılğır Bibiheybət ziyarətgahı). Ancaq körpü məsələsinə gələndə burada bir dayan görüm nə deyirsən və o körpü ki, sən nəzərində tutmusan, o nə körpüdür və hansı körpüdür? Qardaşım, əzizim, canım, ciyərim, bunu bilməli ol ki, körpü-körpü deyilən tək bircə körpüdür ki, onun mübarək adı puli-səratdır ki, Quranda da xəbər verilibdir. Yer üzünün körpüləri səhldir: əgər Araz və Kür çayından keçmək istəyirsən, körpü olmasa da, taxta-tuxta ilə və tuluğ-muluğla bir tövr özünü o tərəfə yetirərsən; əgər keçə bilməsən də, qayıt o biri tərəfə, üz tut qoy get, nə hökmdür ki?! Amma di gəl puli-siratə; hı, nə deyirsən? Yenə gözünü bərəldirsən? Di keçmə görüm! Canını hara qoyacaqsan? Vallah, elə guldurum gurp kəllə mağallaq yumbalanıb düşərsən ki, tikə-parçanın hərəsi bir ilan və əqrəbin ağzında qaralar! Fikrini hara vermisən?! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 avqust 1928, №35 * * * Qoçu xəbərləri Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər? Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən. Bu cür qəflətdə qoçuların bir dəstəsi Şərur tərəfindən İbadulla kənd qolçamaqlarından Baxşəli Əliyev, Abbas Həsən oğlu, Möhsün bəy Bağırov və bir neçə qeyriləridir ki, əlsiz-ayaqsızların suyunu kəsdikləri bəs deyil, şikayətə baxan Xanlıqlar şura sədri Əbdüləli Həsənzadəni bir xubunca döyüblər. İkinci qoçu dəstəsini təşkil edən Kürdəmirdə yol agenti Ağayev və onun qoçusu kantrobatçı Qafarovdur ki, stansiyada qəzet satmaq üstə döydükləri Nəcəfzadənin bu xəbəri “Molla Nəsrəddin”ə yazdığının acığına Nəcəfzadəni öldürmək və posta məmuru Əmirovu xidmətindən xaric etmək fikrinə düşüblər və lakin Kürdəmir qoçuları bunu unudurlar ki, Ağayevin qoçuluğunun xəbərini bizə yazan Nəcəfzadə səhldir, – beş nəfər Kürdəmir qəzet müxbirləridir – Ağayevin hünərini bunlar öz imzaları ilə təsdiq edirlər. Buna sözün nədir? Üçüncü qoçu xəbəri dünən Maştağada vaqe olan bir balaca məşğuliyyətdir: gözü qızmış bir maştağalı Həsən Şeyx Əli oğlu tapançanı doldurub və gedir girir öz düşmənlərinin evinə və başlayır partı-partı: Səlim və Salman adlı iki qardaşı ordaca öldürür, üçüncü qardaşlarını bərk və dördüncü qardaşını yüngül surətdə yaralayırlar. Bu ünvanı başlamaqda Şərur və Kürdəmir qolçamaqları ilə hələ o qədər işim yoxdur. Mən burdaca ancaq Maştağa quldurlarından bir qədər danışmaq istəyirəm. Sözün doğrusu, mat qalmalı işdir: Maştağa deyilən üləma və füzəla vətəni olan bir böyük vilayətdir. O qədər ki, burada Şeyxülislam və hətta müctəhid dərəcə üləma vardır, – Nəcəfül-Əşrəfdə də bu qədər ola bilməz. O qədər vəz və nəsihət ki, Maştağanın hər məhləsində olan hədsiz məscidlərdə camaatın qafillərini dünyanın və axirətin məsailindən agah edir və xalqı doğru və dürüst yola dəvət edir və qan tökməyi günahi kəbirə qərar verir – bəs, bu qədər dəlil və nəsihət ki, üləmanın dilindən eşidilir, səbəb nədir ki, bununla bərabər Maştağanın qaniçən qoçularına qeyri bir vilayət bərabər gələ bilmir? Deyəsən, Maştağa qoçuları da duyublar ki, Maştağa üləmasının pəstahları özü də lotubazlıqdır. Onunçün üləmanın axirət təbliğatının bir təsiri və bir nəticəsi olmur. Dəli “Molla Nəsrəddin”, 6 sentyabr 1928, №36 * * * İsgəndəri-kəbirlər Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş. İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar. Əsrimizin isgəndərlərinin birinci növbədəkiləri məşhur rus dramnəvisi Qoqolun kitabında rəvayət olunan tarix müəllimidir ki, İsgəndəri-kəbirin hünərindən sinifdə söhbət açan vaxt o qədər ağzı köpüklənib və o dərəcədə cuşa gəlib ki, stulları əli ilə qalxızıb sağasola tullayıb hamısını qırıbdır. Və lakin, İsgəndəri-Rumiyə tarixin sonlarında padşahlardan iqtida edən çox oldu. Qərbi Avropanın İsgəndər padşahlarından başlamış, Rusiyanın üç nəfər taclı İsgəndəri öz taclarını əldən buraxmamaq yolunda o qədər azadlıq mucahidlərinin qırmızı qanını axıtdılar və o qədər mücahid boğdurdular ki, İsgəndəri-kəbir o qələti eləməmişdi. İndi də Albaniyanın hələ kal padşahı İsgəndəri-seyyüm, yaxud Əhməd Zoğu Mussəlinin əli ilə qazandığı krallıq tacını neçə-neçə Albaniya cavanlarının qanı ilə saxlayacaqdır. Şöhrət xeyli qiymətli bir şey imiş. Padşahlıqla şöhrət qazanmağa müqtədir olmayanlar hər növ çalışırlar özlərini İsgəndəri-kəbirə bir tövr oxşatsınlar. Bu yolda təlaş edənlərdən–Biləcəridə dəmir yolda çalışan Aleksey Raxmanindir ki, Biləcəri ilə Ələt stansiyası arasında stansiya növbətçiliyini daşıyır. Aleksey Raxmanin. Bunun mən avqustun on birində vaqonda vaqon gözətçisinin üstünə hücum çəkib təhqir eləməyini gördüm: bir qədər də keçsə idi, gözətçini kötəkləyə də bilərdi, ancaq qatar müfəttişi (müsinn bir rus idi) özünü yetirdi və Raxmaninin havasını dəlilnəsihətlə yatırtdı. Həmin dəmir yol İsgəndəri-Zülqərneynindən sonra fəth edən zəmanə isgəndərlərindən Car mahalında Dar-doqqaz kəndində dörd nəfər komsomoldur: bu ağrısını aldıqlarım bir gün eşidirlər ki, Carda Göyəm kəndində şənlikli bir toy var. Qoçaqlar lül keflənirlər, xəncər və tapanca bellərində atlanırlar və bir baş toya. Orada da, söz yox, çalmaq, oynamaq qalmaqalı, arvad və uşaq var. Lotular gözü qızmış atlarını bir baş çapırlar toy evinə. Car dairə naziri də orada imiş və bu dəlilərin qabağını saxlamaq istəyir. Paha! Sən nə cürət edib bizim qabağımıza çıxırsan? Axı biz komsomoluq və xəncəri çəkib dairə nazirinin qarnına soxurlar. Oradaca biçarə dairə naziri can verir və ölür. Hərçənd bu dörd nəfər Dar-doqqaz isgəndərləri sair komsomolların da adını biabır edir; amma nə eləmək: meyvə bağında saf meyvələr arasında həmişə çürük-mürükləri də olur. Budur zəmanəmizin İsgəndəri-kəbirləri. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 sentyabr 1928, №37 * * * Teatr söhbətləri İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah... * * * Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı. Və lakin məni təəccübə gətirən bir keyfiyyətdir ki, o məclisdə oturub, bu işləri görəndə o keyfiyyəti, necə ki, lazımdır, dərk edə bilmirdim. Mən öz-özümə deyirdim ki, aya, görəsən biz niyə bu günə qalmışıq və aya, niyə bizim teatr işlərimiz elə bir hala qalıbdır ki, teatr kimi müqəddəs bir maarif və sənət mənbəyinin xadimləri qocalmış bir Fatmanisə xala kimi bir uçdan bir-birinə qarğış edirlər (Sən hələ kollektiv axtarırsan). Ta o yerə kimi ki, balaca rejissorumuz da öz gözəl nitqi ilə sübuta yetirdi ki, mən bu artistlərin rəhbəriyəm (ay zalım oğlu). Hə doğrudan, bu işləri haman məclisdə mən görəndə xeyli təəccüblənirdim ki, biz niyə bu günə qalmışıq və küçəyə çıxanda məclis əhlinin birindən soruşdum ki... “Vardı qələmdə bir üqdeyi-şəkk”. O cavan da məndən soruşdu ki, “yəqin Mustafa Quliyevin sözlərinin hamısı yadında qalmadı”; dedim: “allah bu qocalığı bina eləyənin evini yıxsın”. Bu yoldaş mənə dedi ki, “Quliyev bir söz dedi”. Dedim “nə söz?” Dedi: “Quliyev yoldaş nitqinin ən qabaqlarında dedi ki “biz müsəlmanıq; onunçün də biz teatrda aktrisalara arvad kimi baxırıq, nəinki yoldaş kimi”. Mən də bu küçədəki yoldaşa dedim: – Ay Allah atana rəhmət eləsin. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 oktyabr 1928, №41 * * * Məktəbdə çarşab, yaxud çarşabda məktəb Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları). Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər. Burada tək bircə məsələ var ki, yaraşar onun üstündə bir qədər dayanıb söhbət etmək. Əgər Təzəpir məhəlləsinin avam arvadlarını biz küçədə başı çarşablı və üzü örtülü görürsək, biz deyirik ki, onlar üzlərini naməhrəm kişilərdən gizləyirlər ki, şəriət qanunu mövcibincə günaha batmasınlar. Amma şura məktəbinin heyət, cəbr, nücum və tarixi-təbii dərslərini keçən qızların başında çarşab görəndə biz gərək daha burada çarşabın vücudunu etiqada əlaqədar tutmayaq; səbəb bu ki, daha dünya elmləri ilə ziyalanmış qızlar cəhənnəm oduna inanmayalar gərək; necə ki, inanmırlar. Belə də olan surətdə biz haqlı oluruq bekar oxucularımıza bir neçə sual verməyə: Birinci, yuxarıda adları zikr olunan məktəb qızları nə qəsdlə dərsə gəlib gedəndə çarşablı gəlib-gedirlər? Yəni, nə elə bir iş vaqe olur ki, o qızlar on üçdən on dördə keçəndən sonra burada nə bir dəyişiklik mələ gəlir və belə qızlar çətin-çətin dərsləri oxuya-oxuya bunları nə bir amal və arzu gəlib tapır ki, küçədə özlərini yetişmiş müsəlman arvadlarına oxşatmağa şüru edirlər? Hər kəs bu suallara cavab versə Gəncədən fırıldaqçı Kaqanoviçdən, bədhəq Hamayak Mayılovdan və Naxçıvanda bunlara oxşar bir Allah bəndəsindən çoxdan bəri gözlədiyimiz Mollanın haqq-hesabından o kəsə böyük bir hədiyyə göndəririk. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 oktyabr 1928, №42 * * * Çadra və papaq Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür. Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir. Aya biz papağı tulluya bilərikmi? Mən elə qanıram ki, bir belə sualı bir kəsə vermək olmaz və buna oxşar ki, küçədə birinə rast gələndə ona deyəsən ki, “gəl biqeyrət ol”. Sözümün əsil mənası budur ki, dünyada bizdən də başqa çox millətlər var. Onlar, doğrudur, dəmir yol və aeroplan icad edənlərdir və hələ kürreyi-ərzdən aya kimi qalxmaq üçün yol tapanlardır, amma Allah da şahiddir ki, o millətlərin cümləsi ayaq üstə bövl edənlərdir. İkinci nöqtə budur ki, burada qeyrət mülahizəsi də gərək nəzərə alına. Papaq biz müsəlmanların qeyrətinin əlamətidir. Və sizi inandırıram ki, dünyada papaqsız yaşayan tayfaların içində bir nəfər də qeyrətli insan tapa bilməzsən. Bizlərdə bu bir zərb-məsəl kimidir ki, həmişə qorxaq kişilərimizə bizlərdə belə deyirlər: – Ədə, bəs, sən niyə o papağı başına qoymusan? Və həmişə bir kişini cürətsizliklə töhmətləndirəndə biz ona belə deyirik: – Adə, biqeyrət, bir yolluq başına çarşab ört, daha niyə o papağı gəzdirib adını kişi qoymusan!. Və bunlar hələ səhldir. Bəlkə bunlar yenə ötüşüb keçər; bəs, sən buna nə deyirsən ki, bir ağılsız müsəlman gedə papağı tulluyub, başına bir “kepqa” və bir “şlyapka” qoya. Bir insafnan de görüm o qabağı qanadlı rus şlyapası ilə namaz qılanda səcdəyə gedib alını möhürə sürtmək olarmı? Məgər şlyapanın qabağındakı qanad qoyur ki, alın mübarək möhürə dəysin? Eləcə saatda bir “şlyapka” yerə düşəcək. İndi gəl yomiyyə namazını və neçə yüz rükət vacibi, sünnəti namazlarını qıl görüm. Hələ gecə-gündüz altı yüz on dörd rükət nafilə namazı sənə peşkəş olsun. Bəs, qardaşım, bunların hamısını mülahizə eləmək lazımdır, ya yox? Əlbəttə, lazımdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 oktyabr 1928, №43 * * * Kovdanlar “Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”. O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı. Amma axırda belə məlum oldu ki, o vaxtlar mən xam idim və ələlxüsus ki, dünən mən “Kommunist” və “Gənc işçi” qəzetlərini Tehranda nəşr olunan “Vətən” və Həmədanda nəşr olunan “Gülgün” ruznamələrini oxuyandan sonra, mərhum Mirzə Fətəlinin söyüşü yadıma düşür: siz qəribə “kovdan” adamsınız”... Allah da bilir ki, bu söz haqdır, ya yox!.. Mən heç özüm də bilmirəm ki, bu sözləri burada yazmaqdan məqsəd nədir; çünki o mətləb ki, onun barəsində indi yazmaq istəyirəm – həmin qabaqkı sözlərə onun heç bir rabitə və əlaqəsi yoxdur. “Kommunist” qəzeti 252-ci nömrəsində arvadı çarşablı kommunistlərin bir uzun siyahısını yazır və bu yoldaşların adlarını və qulluq elədiyi yerləri bir-bir və aşkar yazır. Burada bir qədər dayanıb düşünmək lazım gəlir. Biz deyəndə “arvadı çadralı kommunist” – biz elə bilirik bu bir adi söhbətdir. Ancaq bir qədər düşünmək gərək: əhyana bu qəzet nömrələri gedib düşə Moskvada bir rus kommunist yoldaşın əlinə, ya Yerevanda bir erməni kommunist yoldaşın əlinə – heyhat! Onlar biz Azərbaycan milləti barəsində nə fikirlərə gedə bilərlər və bizim barəmizdə nə bir əqidə bağlaya bilərlər? Hələ bu səhldir. “Kommunist” ruznaməsi gedib çıxa Həmədanda bir nəfər iranlının əlinə; Allahın Həmədanında da “Gülgün” qəzetinin 41-ci nömrəsinin yazdığına görə və habelə “Vətən” qəzetinin yazdığına görə qadınlara azadlıq vermək məsələsini müzakirəyə qoyurlar. Amma biz şuralı azərbaycanlılar, biz Oktyabr inqilabının on illiyini keçirən azərbaycanlılar kommunistlərimizin arvadlarını çarşablı görürük. Hələ övqatımın bu təlx vaxtında dünən qəzet paylayan oğlan “Gənc işçi”nin 85-ci nömrəsini gətirib deyir: oxu. Açam görəm Azərbaycan proletar yazıçıları cəmiyyəti barəsində tamam bir səhifə məqalədir. Bu da yaxşı olmadı: bəs, biz gözümüzü dikdiyimiz və ümidlərimizi bağladığımız cavan proletar şairlərimizin barəsində bu qədər töhməti qəzet sütunlarında oxuyanda köhnə qafalı və köhnə məfkurəli qocalmış şair və ədiblərnmizə nə cavab verə biləcəyik? Heyhat! Ancaq yenə deyirəm ki, burada söhbət olunan mövzuların– məqalənin başında yazılan müqəddəməyə heç bir əlaqə və heç bir rəbti yoxdur. O, öz yerində. Bu, öz yerində. Vəssəlam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 noyabr 1928, №44 * * * Rişə Çadra da gedəcək işinə, papaq da gedəçək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ ərəbin özü də gedəcək işinə. “Ərəb” deyəndə – burada Ərəbistanda yaşayan ərəb milləti demək deyil; mən o ərəbi deyirəm ki, qədimül-əyyamdan bizim qanımızın içinə giribdir, ətimizlə dərimizin arasında gizlənibdir və ruhumuza sahib olubdur və qısası: – həyatımızın bir rişəsi mənzələsində olubdur. Onunçün də əsil mətləb rişədədir; çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyin, yaşıl qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və... müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və axmaqlıqhat!.. Sən gərək məsələni rişədən başlayasan; əgər rişə bərk və möhkəm olsa, ağaç möhkəm duracaq və qanad-budağını darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər. Sən gərək mətləbi lap rişədən başlayasan, yoxsa qanad-budaq məsələsi asan bir məsələdir. Belə tutaq ki, çadra da tullandı, papaq da dəyişildi, əlifba da əvəz oldu. Bəs, məgər çadrasız oruc tutmaq olmaz? Latın əlifbası işlədəişlədə namaz qılmaq olmaz? Şapka qoyanlar məgər imam təziyəsinə gedib ağlamırlar? Bəs, molla və məscidə nə deyirsən? Bəs, bu işlərdən nə tövr baş açmaq? Sən məscidi və minbəri öz yerində sağ və səlamət buraxmağmı istəyirsən? Allah, Məhəmməd, Əli, imam Cəfər Sadiq, imam Mehdi ibn Həsən Əsgəri və canına qurban olduğum min-min naib imam həzrətləri ki, İranda və Turanda və bizim öz zir-zibilli küçələrimizdə başıqırxıq islam ümmətini məgər tovlamaqda deyillər?.. Ancaq xahiş edirəm güman aparmayasan ki, burada müqəddəs kitabları da mövhumat siyahısına daxil eləmək istəyirəm; dilim lal olsun; haşa və kəlla! Mən ancaq burada rişədən danışıram və ərz edirəm ki, əgər rişəni baltalayıb, ona zəfər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq; yoxsa nə qədər ki, rişə saf və salamatdır, ağac hələ dayanıb duracaqdır. Əlqissə. “Əlqissə” deyən kimi keçən günlər yadıma düşdü: on beş il bundan qabaq da bu “rişə” məsələsindən söhbət açmışdım: onda da üzümü yazıçı və ədib yoldaşlara tutub, sual eləmişdim ki, aya, o çürük ağacın rişəsi hardadır və nədən ibarətdir ki, bizə macal vermir gözümüzü açaq və dünyada yaxşı ilə yamana fərq verək? O vaxt qiymətli qələm yoldaşımız Nemət Bəsir həmin şeirlərlə sualımıza cavab verdi: Əlqissə, ey bəradər, məndən sənə vəsiyyət: İslamı yığ çuvala, eylə çuvala lənət. Çarşab da içində, papaq da içində, əbcəd də içində, zir-zəbər də içində. Və çuvalın ağzını qatma ilə bərk-bərk bağla, apar tulla zibil dərəsinə. Hələ istəyirsən İncil, Tövrat, Zəbur, Səhif, İqan və başqalarını da bunlara əlavə eləginən. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 noyabr 1928, №45 * * * Rus keşişləri ilə siğə Həmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur. Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır. Keşişlərdən rütbədə kiçik yenə bir çox kilsə xadimləri var: şam yandıran, zəng çalan və qeyriləri. * * * Sözün müxtəsəri, bunlar cəmi İsanın nökərləridirlər. Əgər bir gün, yəni beş-on gün bundan qabaq, birdən-birə, durduğum yerdə desə idim ki, bu söylədiyim kilsə xadimləri lotu və uşaqbazdırlar, o vədə dindar, xaçpərəst camaatı hay-küy sala bilərdi ki, ay haray, Molla Nəsrəddin xaçpərəst keşişlərinə böhtan deyir, Molla Nəsrəddin kilsəni təhqir edir, Molla Nəsrəddin İsa əleyhüssəlama ehtiramsızlıq izhar edir. * * * Mətləbi açıq söyləyək. Əgər birisi oturduğu yerdə götürə qələmi və bir nəfər nəinki xəlifə barəsində, bəlkə sadə bir vətəndaş barəsində yaza ki, filankəs lotudur, ləvvatəçidir, o vədə belə sözləri yazandan dəlil-sübut istərlər və dəlil-sübut oldu–heç və əgər bu deyilən sözlər yalan çıxsa, o vaxt o böhtanı yazanın və söyləyənin atasını yandırarlar. Onunçün də rus xəlifə və keşişləri barədə biz söylədiyimiz sözləri bu növ haray-dadla “Molla”nın baş səhifəsində söyləyirik və deyirik ki, xaçpərəst kilsəsinin bir dəstə xadimləri, – xəlifə də onların içində – ali məhkəmənin hüzurunda etiraf etməyə məcbur oldular ki, onlar bir dəstə oğlan uşaqlar ilə bir uzun vaxtın fasiləsində siğəbazlıq edirmişlər. Burada siğəbazlıq mən ona deyirəm ki, necə ki, bizim islam xəlifələri və fazilləri də kefləri qalxanda istədikləri sahibsiz bir qadını öz mənzillərinə salıb, onunla bir gecə, ya çox gecə kef çəkirlər və buna da şəriətcə “siğeyi-mütə” adı qoyurlar (Nəcəfdə, Məşhəddə, Bakıda və hər yanda). * * * İstəyirdim qələmi qoyam yerə və sözümün dalını “mabədə” saxlayam; ancaq burada bir əhvalat yadıma düşdü: bir ay bundan qabaq Qaraşəhərdə rus zəhmətkeşləri rus kilsəsini uçurdanda (ki, yerində qiraətxana bina etsinlər) – haman Nikolay dayının ümmətinin bir parasını qəmgin və narazı gördüm. Kaş bilə idim ki, o narazı və qəmginlər indi ali məhkəmənin təhqiqatının nəticəsi müqabilində aya nə bir vəziyyətdədirlər? Və indi nə xəyala düşürlər. Aman Allah!!! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 noyabr 1928, №46 * * * Məscid məsələsi Bəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar. Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır. Məktub sahibləri idarəmizə müraciət edib yazırlar ki, xah çarşab və xah papaq məsələsi asan bir məsələdir və burada qadınların da və “irkakların” da təklifi müəyyəndir. Çarşab örtmək qadınlar üçün və papaq qoymaq kişilər üçün bilmərrə qadağan olunur, vəssəlam. Ancaq çətin və həll olunmamış məsələlərin ən mühümü məscid məsələsidir. Yəni burası bəlli olunmur ki, aya maarifə xidmət edən qadınlar məscidə imam təziyəsinə gedəndə çarşablımı getsinlər, çarşabsızmı getsinlər? Və həmçinin maarif yolunda çalışan kişilər məscidə imam təziyəsinə gedəndə və orada meyit namazına duranda papaqlı olsunlar, ya şapkalı olsunlar? Zahirən, bu məsələ bəlkə asan bir məsələ hesab oluna; amma bizə qalsa, bundan çətin məsələ yoxdur və aşkardır ki, maarif komissarı yoldaş bunu həll etməsə və hər kəsin öz təklifini özünə bildirməsə, maarif xadimləri bir növ zəhmətə düşəcəklər. Bizə qalsa, biz belə təklif edə bilərdik: Maarifə tabe olan qadınlar məscidə gedəndə çarşablı getsinlər; yaxud çarşablarını qoltuqlarına vurub məscidin qapısının ağzında başlarına salsınlar; səbəb bu ki, imam təziyəsində ağlaşmadan sel kimi cari olan göz yaşlarını məhz on iki arşın çarşabın ətəkləri ilə qurutmaq mümkündür. Habelə, papaq məsələsi; insaf deyil ki, məsciddə meyit namazında iştirak edən maarif xadimləri kişilərdən tələb etmək ki, onlar əllərini qulaqlarına qaldırıb, mollalarla birlikdə “allahü əkbər” çağıranda başı şapkalı erməniyə oxşasınlar. Budur bizim təklifimiz. Məscid dedim – kilsə yadıma düşdü. Bir ay bundan qabaq Qaraşəhərdə rus zəhmətkeşləri rus kilsəsini dağıdanda, mən getdim tamaşaya və gördüm ki, beş-on nəfər qoca rus arvadı kilsənin dağılmağına ağlaşırlar. Dedim: – Niyə bu cavanlar Allahın evini uçururlar! Dedilər ki: – Kilsənin yerində qiraətxana və xəstəxana tikmək istəyirlər – Dedim: – Götürək Moskvaya Kalinin yoldaşa şikayət teleqramı göndərin. Burada rus qadınları bir səslə mənə dedilər ki, biz bisavadıq. İndiyə kimi bu söz mənim yadımdan çıxmır: indiyə kimi ha fikirləşirəm baş aça bilmirəm ki, aya səbəb nədir ki, kilsənin uçmağına ağlaşan rusların oxumuşları yox, rusların savadsız qadınları idi. Bu sirri mən heç başa düşə bilmirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 dekabr 1928, №50 * * * İsa bayramları Bəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər. Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər. Mən təvəqqe edirəm ki, bu sözlər heç kəsə gülünc və qəribə görünməsin. Çünki Şuralar vəziyyətinin on il davamı müddətində biz hər il qış mövsümü yavuqlaşanda buna şahid olmuşuq ki, İsa əleyhissalamın təvəllüdü xatirəsinə məktəblər iki həftə ərzində qapalı qalıblar. * * * Nədir bu? Qəflətdirmi, ya həqiqətdə peyğəmbərə ibadət və sitayişdir? Amma hamısından yamanı budur ki, həmin bu suala heç bir kəsdən və heç bir yerdən bir cavab ala bilmirik. Biri deyir: Xeyr, bu ibadət deyil, bu ancaq uşaqların tənəffüsü üçün bir tətildir. Vallah yalan deyirsən. Əgər burada bir biclik yoxdursa, nə səbəbə sən bu dincəlmək tətilini köhnə dekabrın 25-nə salırsan? Nə səbəbə uşaqların buraxılmağını o günə salırsan ki, şagirdlər məktəblərdən şadlıqla evlərinə iki həftə müddətinə buraxılıb dağılanda, yolda kilsələrin bayram zəngini şirinşirin çalınan görürlər? * * * Yaxşısı budur ki, mərd-mərdanə danışaq: Gəl boynumuza alaq ki, indiyə kimi İsanın anadan olmağını filhəqiqə bayram saxlamışıq və bu bayrama ehtiramən məktəbləri də qapamışıq. Amma yaxşı olar ki, bundan sonra bir qərar çıxaraq ki, dəxi belə səfahəti bilmərrə tərgidək. O səbəbə tərgidək ki, bizim işimizə tamaşa edən və bizim səhvlərimizi həvəslə axtarıb, bizi tənqid edən həriflər doğrudan-doğruya bizim bu bayramlığımızı bəhanə tutub, bizi lağa qoysalar, min dəfə haqlı olarlar. Qardaşım, onda daxi vallah-billah, daxi cavab verməyə aciz olarsan. * * * Sözümü qurtara-qurtara bizim Zəhmət komissarımızdan üzr istəyirəm. Qorxuram həmin komissar yoldaş bu barədə mənim səsimə səs verməyə. İndini bilmirəm, amma yadımdadır ki, keçən illər İsa bayramları nədir ki, hətta müsəlmanların çoxları yaddan çıxmış rəğayib bayramı ilə imam Musa Kazımın burnunda çöp qaldığı gününü müsəlmanlara nişan verən və bu günlərdə işləməyi və dərs oxumağı haram və qadağan edən Zəhmət komissarı yoldaş idi. İndi baxaq görək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 20 dekabr 1928, №51 * * * Dindar firqəçi yoldaşlar Şura seçkiləri münasibətilə İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar? Mən qorxuram ki, dinsizin siyahısı dindarlara nisbətən xeyli gödək çıxa. Bu barədə firqəçi yoldaşlar məndən rəncidə-xatir olmayalar gərək; səbəb budur ki, belə bir əqidə tək bircə mənim deyil. Müsəlman firqəçi yoldaşlardan şübhələnən, belə bir iştibahda bulunan tək bircə mən deyiləm. Bu şübhəni ortalığa qoyan Moskvada firqə rəhbərlərindən Yaroslavski yoldaşdır ki, bu yavuqlarda Mərkəzi Komitənin təbliğat şöbəsində bu məzmunda nitq söyləyibdir. Nə deyir Yaroslavski yoldaş? Deyir ki, müsəlman camaatı içində firqəçi və komsomol yoldaşların dindarları az deyil. Hələ buradan bir haşiyə çıxmaq istəyirəm: Yaroslavski yoldaş bəhayi dinindən də söhbət açıb deyir ki, bəhayilər fəxr edirlər ki, onların dini azadixah bir dindir ki, cəmi millətləri qardaşlığa dəvət edir: ancaq məsələnin şübhəli tərəfi budur ki, dünyada bəhayiliyi hamıdan artıq dost tutan İngilis hökumətidir. Bu bir qatma-qarışıq məsələ oldu. Belə ki, İngilis hökuməti bir tərəfdən dünyada apardığı siyasət-qardaş millətləri öz siyasəti ucundan bir-birinə vuruşdurub qırdırmaqdır. Bir tərəfdən də haman İngilis hökuməti bəhayi dininə tərəfdar çıxır. Aya bunun hansına inanaq və hansı birisi doğru va səhihdir? Molla əmiyə qalsa, bunların hamısına lənət: ağına da, qarasına da! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 dekabr 1928, №52 * * * Pillə-pillə Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq. Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir. Amma bir şeydən qorxuram: necə ki, keçənlərdə bir müqəddəs hacı bir qəzet satana demişdi: bəli, bu gün gəlib deyəcəksən–hacı, qəzet al oxu, sabah da gəlib deyəcəksən–hacı, urus ol. İndi də bir gün bizə dedin papağı tulla–tulladıq; sabah dedin çadranı tulla–tulladıq; o biri gün dedin, ərəb əlifbasını tulla, insan əlifbasını qəbul elə–elədik. Amma doğrusu, dalından qorxuram; qorxuram indi də belə deyəsən; deyəsən, xub, sən ki, azad bir insan oldun, mədəni bir əlifba sahibi bir insan oldun, bəs, daha bundan sonra sən necə özünü yaraşdıracaqsan ki, hər küçədə bir ali binanı məəttəl edib adını məscid qoyasan və orada lotu mollalara yol verəsən ki, avam camaatı oraya yığıb cənnət vədəsi kimi fırıldaqlarla avamı kəsbdən və maarifdən uzaq saxlasınlar? Bundan qorxuram. Amma işlərin gərdişindən belə anlaşılır ki, elə də olacaq: qadın azadlığına və latın hürufatına malik olan bir millət daha buna dözə bilməyəcək ki, onun vətənində hər küçə başında məscid adında bir bikarxana, eyni zamanda, bir lotuxana olsun. Növbət indi də bu bayramımızındır: haman bayramımızındır ki, çadra, papaq və ərəb zəbər-ziri atılan zibilxanaya məscid və minbər adlı zir-zibillər də tullanacaqdır. Belə bir böyük bayramın intizarında olmaq hər vicdan əhlinin vəzifəsidir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 yanvar 1929, №1 * * * Fürsət Bir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm. Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin. Bir para ağzıgöyçəklər buyururlar ki, guya şəxsi tənqid ondan ibarət deyil ki, qələm alasan əlinə, insana xoş gəlməyən adamları söyəsən və onların şəxsi əhval və ətvarını qəzet və jurnal vasitəsilə dünyaya faş edəsən; şəxsi tənqid odur ki, idarə və təşkilatlar başında duran müdir yoldaşların üsul idarələrini müzakirəyə qoyub, onların həmin xidmətləri sahəsində nöqsanlarını göstərməkdir. Əlbəttə, bəlkə də sən deyən düzdür. Və lakin düz də olsa, bunu mənim qəlbim qəbul edə bilmir; iki səbəbə görə: biri budur ki, sən dediyin tərzdə yazmaq həqiqi və ustad yazıçının işidir, nəinki mənimtək savadsızın; ikinci də budur ki, necə ki, qabaqda ərz olundu, indi fürsət vaxtıdır, sonralar ola bilər ki, xalq ayıla və bizim qərəzbazlıq yolunda işlətdiyimiz xəbərçiliyə yol verməyələr və bəlkə bu qism, ayıb olmasın, yazıçılığı qadağan edələr. Onunçün də mən xəbərçiliyimdə davam etməkdə olacağam; məsələn. Nümunələr: Ağdaş. Filankəs arvadına filan çitdən tuman aldı, arvadı bəyənmədi. Qaryagin. Filankəs əlində ağac, Araz başaşağı gedirdi; yəqin ki, İrana kandrabat malına gedir. Gəncə. Filan kəndli filan küçə ilə gedirdi və əlində bir toyuq aparırdı; güman etmək lazımdır ki, o küçədə yaşayan filan xidmətçiyə rüşvət aparırdı. Təzəpir küçəsində filankəs, özü də firqəçi, gecənin yarısında öz evində, xəlvətcə öz arvadıyla mazaqlaşırdı. Mən bunu xəlvətcə pusub pəncərədən gördüm. Və hələ bunlardan başqa, mənə küçədə salam verməyənlərə qəzet vasitəsilə şər atmağa o qədər məharətim var ki, bunu məndən və yalançı müxbirlərdən başqa heç kəs bacara bilməz. “Xəbərçi müxbir” Yeni hürufata götürəni: Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 yanvar 1929, №2 * * * Barmaq Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki, uzağıq, amma zehn ucilə deyə bilərik ki, burada ingilis barmağı var. Nə sübutla deyə bilərik ki, burada ingilis barmağı var? Biz bunu ağıl ucilə deyə bilərik. Məsələtün, Allah-taalanı ki, heç kəs öz gözü ilə görməyibdir, bununla belə hər kəs bunu bilir və heç kəs buna şəkk eləmir. İngilisin barmağına müxtəss olan sifətlərin biri həmən sifətdir ki, Allah-taalada da o sifət mövcuddur. Həmin sifətə biz “baqi” deyirik. Necə ki, Allah-taala həmişə dünyada olubdur və olacaqdır da, habelə ingilis barmağı da dünya yaranandan indiyədək hər yerdə olubdur və olacaqdır. Məsələn, o günü bir yerdə bir belə söhbət var idi: tarixşünaslar indi bunu istinbat ediblər ki, Adəm övladı Qabil ilə Habilin dalaşmağında və Qabilin Habili qətlə yetirməyində ingilis barmağı var imiş. Hərçənd bir paraları deyir ki, o vədə heç ingilis milləti dünyaya gəlməmişdi, amma mən yenə buna inanıram. Onunçün də mən dünyada hər bir əsrdə vaqe olan ğəl-ğəşş işlərin hamısını ingilis barmağından görürəm; az qalıram deyəm ki, qədim əsrdə Misir məmləkətində fironbazlıq, Ərəbistanda məsnəd üstə xəlifəbazlıq, İranda şahbazlıq üstə minlərcə qətlü qarətlər, Osmanlıda sultanlıq üstə qardaş öldürmək, Şuralar məmləkətində seçki kompaniyasında qolçomaqların fırıldağı, Bakıda Şeyx Qəni və Maştağada Mirzə Əbdülkərimin avam arasında hoqqabazlığı – bunlar hamısı ingilis barmağının əlamətidir. Hətta bəzi vaxt evdə arvadla bir balaca sözümüz çəp gələndə deyirəm: lənət şeytana! Yəqin ki, yenə zalım oğlu ingilis, barmağını qarışdırdı! Onunçün də evdə bir para işə acığım tutanda dəxi “lənət şeytana!” demirəm, “lənət ingilis barmağına!” deyirəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 yanvar 1929, №4 * * * Hikmətli sözlər Tapmaca: tap görüm, nə səbəbdən qışın soyuq günündə bir para adamlar üşüyürlər, amma bir paraları heç üşümürlər? Bu gün qəzetlərin birində bir nəfər başıboş yazıçı yazmışdı ki, kino idarəsi biletlərin qiymətini yendirməlidir ki, camaata tez-tez kinoya getmək əlverişli olsun. Bu söz yaxşı sözdür, ancaq bir eydi orasındadır ki, biletlər ucuzlaşsa, onda da kino idarəsinin böyük-böyük pul sandıqları ağızbağız dolmayıb bir azca yarımçıq qalacaqdır. Par-par parıldayan avtomobil həmişə ali imarətin qabağında durur, amma heç parıldamayan köhnə avtomobil də balaca evin qabağına qaçır?! Nədir bunun hikməti? Günün şəfəqi çoxdur, ya zəmanəmizin lovğa, cavan, aşiq-məşuq şairlərinin zahiri şəfəqi? Bir qızın səsi alınıbdır: Hərçənd özü Bakıda iki texnikum qurtarıb, ancaq qoca nənəsinin Bakıda bir balaca köhnə uçuq evi varmış. Həyasızlığa bax ki, həmin “burcuy” qız səkiyə “soxulmaq” istəyirmiş. Şuralar İttifaqı ilə Polşa və sair qonşu hökumətlərin sülh bağlamağına Çemberlen “Dadum” qorxuram bağrı çatlayıb ölə. Görəsən, indiki bir para kooperativ dükançıları camaatı çəkidə çox aldadırlar, yoxsa, dükançı qurdlar? Görəsən, o qədər knijkaları ki, balaca-balaca darülmüəllimat qızlarına Allahsızlar cəmiyyəti tərəfindən paylayıblar, o qızlardan bu ramazan ayında oruc yeyən olacaq, ya hamısı tutacaqdır? Aldığımız məlumata görə, Əli Bayramov adına qadınlar klubunda çadranı tullamaq barədə böyük müvəffəqiyyət ələ gəlibdir; ancaq biriki nəfər çəm-xəm eləyən qadını tərbiyə üçün öz ailə sahiblərinə təhvil veriblər. Söz burasındadır ki, indi gərək o ailə sahiblərinin özünün tərbiyəsi nə surətdədir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 fevral 1929, №7 * * * Zəng orada çalınmır Ağahüseyn yoldaş günlərin bir günü “Molodoy raboçi” qəzetinin 15-ci nömrəsini alır əlinə ki, oxusun, buradaca yoldaşı yuxu tutur, huşa gedir və yuxuda görür ki, pedaqoji texnikumun müdiri P. Qasımov özü kimi bir əksinqilabçılar dəstəsi düzəldib, Şura hökumətini yıxmaq fikrindədirlər. P. Qasımovun əksinqilabçı yoldaşları bunlarmış: Müəllim Cəmobəy Cəbrayılbəyli, 2) müəllim Musaxanlı, 3) müəllim və şair Hüseyn Cavid. Azca qalmışdı ki, Pənahın bu kontr-dəstəsi Şura Azərbaycanını dağıda, birdən əz qəza Əliheydər Qarayev yoldaş yuxuya getmiş Ağahüseynə rast gəlir və “Bakinski raboçi” qəzetinin 15 fevral nömrəsilə Ağahüseyni oyadır və deyir: – Ey mənim əzizim, doğrudur, sən yuxuda olan zaman eşitdin ki, zəng çalınır; ancaq sən bilmirsən ki, o zəng harada çalınır. Əgər doğrudan da, sən Şura Azərbaycanının bədxahlarını axtarmaq istəyirsənsə, özünü ver Azərbaycanın qaranlıq qəzalarına, gör oralarda nə qədər şura işçiləri öz tutduqları bəd hərəkətləri ilə kənd əhalisini şura üsuliidarəsindən iyrəndirirlər. Onunçün belə ittifaqlarda rusca bir məsəl var deyirlər: zəngin səsini eşidirsən, amma zəngin harada olmağını bilmirsən. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 fevral 1929, №8 * * * Allah-taalanın sifətləri Allah-taala alimdir. Bu var ki, məlum deyil elmi kimdən təhsil edibdir. Allah-taala qadirdir. Yalansa, onun lənətinə gələsən! Əgər qadirdir, nə səbəbə məscidi məktəbə döndərənlərin əlini qurutmur? Həyydir, yəni diridir. Dəxi buna ki, şəkk ola bilməz; zira diri olmasa, ölu də Allah ola bilməz ki! Müriddir, yəni idarə etməyə qadir və qabil olan. Məsələn, indi idarə başında duran bir para Allahlar kimi. Müdrikdir, çox qanandır. Maşallah olsun; onunçün də mənim ona ixlas və ehtiramım həddən ziyadədir. Mütəkəllimdir, yəni lal deyil, kor və keçəl deyil. Hərçənd ki, onun danışmağını heç bir kəs nə görüb və nə eşidib. Sadiqdir, sədaqətinə heç söz yoxdur. Doğrudur, behişt əhlinin bir parasının hurisi bir qədər təxirə düşur, amma növbə gözləmək lazımdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 fevral 1929, №9 * * * 8 Mart qadınlar günü Bu gün, yəni martın səkkizinci günü beynəlxalq işçi qadınları günüdür. Digər tərəfdən də bu gün bütün islam aləmində rəmazan gecələri əhya ibadətləri əsnasında mömin müsəlman qadınlarının “Bikə, ya Allah” çağıran günüdür. Lakin bu heç bir-birini tutmadı: işçi qadın hara, əhya qadını hara?! Bu hal həmişəlik davam edə bilməyəcək; bu ola bilməyəcək ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr şirin yuxunu özünə haram edib, axirətdə qılman axtarmaqla məşğul olsun. Bu iki dünya ayrı-ayrı dayanıb dura bilməyəcək: ya bu onu öz tərəfinə çəkəcək, ya o bunu. Necə ki, mömin müsəlmanlar deyirlər: “Ya ağ ləkə qara ləkəni basacaq, ya qara ləkə ağ ləkəni”. Bəs, hansı basacaq? Dünyada tək bircə qüvvə var ki, cəmi sair qüvvələr ona tabedirlər: o da insanların yoldaşlıq zəhməti. Onunçün də beynəlmiləl zəhmətkeş qadınlar dünyasının müqabilində “Bikə, ya Allah!” çağıran mömin qadınlar, dayanıb dura bilməyəcəklər. Yaşasın beynəlxalq işçi qadınlar! Yaşasın mütləq qadınlar azadlığı! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 mart 1929, №10 * * * Qız götürüb qaçmaq Əlacım budur ki, götürüb qaçmaq. Həmişə iyirmi səkkiz yaşlı bir boynuyoğunun bir balaca qıza gözü düşəndə öz-özünə belə qərara gəlibdir: əlacım budur ki, götürüb qaçmaq. Qulağıma çatır ki, bundan sonra qız götürüb qaçanlara və arvad zorlayanlara bundan sonra hökumət tərəfindən ağır cəza veriləcəkdir. Bunlar hamısı öz qaydasınca, amma burada bir nazik mətləb var ki, onun barəsində indi gərək bir qədər danışaq ki, gələcəkdə çətinlik üz verməsin. Kimdi qız götürüb qaçanlar? Cavab: 28 yaşlı boynuyoğunlar. Bu məlum. Bəs onların yoldaşları kimdi? Cavab: kim olacaq, özləri. Yox, bilmədin; nazik mətləb elə burasıdır. Haman nazik mətləb budur ki, qız götürüb qaçanlar yoldaşsız olmazlar. Əgər yoldaşları olmasa, heç bir vəchlə qızı qaçırda bilməzlər. Bu boynuyoğun qız qaçırdanların yoldaşı molladır. Nazik mətləb haman budur. Boynuyoğunlar ona arxayındırlar ki, səkkiz yaşlı qızı qoltuğuna vurub çığırda-çığırda mollanın yanına aparan kimi, molla ona kəbin kəsəcək və haman gecə də o qızı haman boynuyoğun çığırda-çığırda arvad eləyəcək. Nazik mətləb haman budur. Onunçün də qədimdən qadın məsələsi barədə cızma-qara eləyən qoca Molla Nəsrəddin əmi arzu edir ki, qız götürüb qaçan boynuyoğun müsəlman quldurlarına ağır cəza verəndə bu quldurların yoldaşları hesab olunan mollalar yaddan çıxmasınlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 mart 1929, №11 * * * Dinc ol, səbrini dər Ayağı bir-bir qoyarlar pilləkana. * * * Tədriclə. Yaxşı, yaxşı. Ustubnan. * * * Bir də kəndlərdə bir “ürkütmək” ləfzi də var; ədə, o dayçanı ürkütmə; qaçar, ziyanlıq edər. Bu qədər müqəddimədən sonra keçək mətləbə. Qoy bir məsəl var–onu da deyim: hoha var–dağa çıxardar, hoha var–dağdan endirər. Bəli. Təzə yaşayış yaratmaq lazımdır, köhnəyə qələm çəkmək lazımdır; yəni müxtəsər, məişətimizin hər bir sahəsində inqilab törətmək lazım. Buna şəkk yox və bir kəs tapılmaz ki, qoca Molla əmini inqilaba tərəfdar hesab eləməsin. Ancaq, qadan alım, baş aparma! Baş aparmaq heç bir işdə yaramaz; hətta inqilabda da mülahizə və ustub lazım gəlir. * * * Dəxi bu qədər nəsihət kifayətdir, indi sözünü de görüm nə deyirsən? Mən onu deyirəm ki: Əvvələn, ata-babadan qalma küftəmizin adını dəyişib “kufta” eləməyək. İkinci: Mustafa Kamal kürdlərin başına kotolok qoyan kimi, Azərbaycan kəndlisinin başından da molan papağı götürüb onun qırxıq başına firəng şlyapası qoymayaq. Qaryağdı oğlu xanəndənin məclisinə tarzən Qurbanın əvəzinə Şərq musiqisinə aşina olmayan mandalina çalan əyləşdirməyək. Əgər mənim nəsihətimə əməl etdin, xub, yoxsa vallah, sən tədbir tökdüyün hallara elə bir məzəli karikaturalar çəkərəm ki, hər bir kəs onu görəndə uğunub gülər və bihal olub yıxılar. Lağlağı “Molla Nəsrəddin”, 14 mart 1929, №12 * * * Heç vecinə deyil Doğrudan da, bu müsəlmançılıq qulaq dincliyidir. Dünya-aləm birbirinə dəysin–müsəlman bəndəyə təfavüt eləməz. İstər zəlzələ olsun, yenə müsəlman bəndəyə təfavüt yoxdur. * * * Məlum şeydir ki, bu ibadət özü böyük bir məşğələdir, özü də çətin və zəhmətli bir işdir. Sən götür, məsələn, orucluğu. Yoxsa sən bu rəməzan dəsgahını asanmı sanırsan? Əgər asan sanırsansa, elə də sənin müsəlmançılıqdan əsla xəbərin yoxdur. Oruc, namaz, əhya, iftar, obaşdanlıq, bikə-ya Allah, ya əliyyü ya əzim. Düz otuz gün bilmirəm dünyada nə var, nə yox. Biri deyir əkin kompaniyası, biri deyir ingilis buğaları şuralar nefti üstə boğuşurlar, biri Trotskidən danışır, biri Əfqanıstandan xəbər verir... Bəh-bəh, gör necə bihudə dünya işlərilə övqatını zaye edir. Hələ bu təkcə Rəməzandır, bəs, qalan təkliflərimiz? Məhərrəmmül-həram ayının əmalı, yəni şaxsey-vaxsey, təziyə, təkyə, imam şəbehi, Qasım otağı, Şimr şəbehi, məscid, qəndab, növhə, sinəzən, baş yarmaq, döş cırmaq, qıfıl taxmaq, mağallaq aşmaq, ağlamaq?.. Ağlamaqdan kişi biqeyrət olur, Necə ki, ağladı, İran oldu... Xülasə. Amma sən işində ol və heç ürəyini sıxma: əvvəl-axır hər şey öz yerini tutacaq və hər bir iş öz təbii məqamına çatacaq. İnna lillahi və inna ileyhi raciun. Sən başını sal aşağı və orucunu tut, namazını qıl və quranını oxu və dünya ilə işin olmasın; bir gün ayılıb görəcəksən ki, ziyalı zəhmətkeşlər sənin məscidini əhatə ediblər. O vədə mən sənin kefini xəbər alaram. Amma indi hələ yat. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 mart 1929, №13 * * * Ticarət Ticarətdən məqsəd məhz pul qazanmaqdır. Daxi qazancdan savay ticarətin sair bir məqsədi ola bilməz. * * * Azərbaycan Dövlət Kinosu da bir ticarətxanadır. Burada da məqsəd məhz çoxluca pul qazanmaqdır. Daxi bundan başqa bunun bir özgə vəzifəsi yoxdur və ola da bilməz. * * * Belədirmi? Yəqin ki, belədir. Əgər belə olmasaydı, özgə cür olardı. Nə cür olardı? Bu cür olaraq ki, kassaları ağızbaağız doldurmaqdan başqa dövlət kino idarəsi mənəvi aləmə də fikir verərdi. Vaqiən ticarətlə mənəviyyat bu iki şey biri-birilə yola gedə bilməzlər. Ticarət və şair bir-birilə dost ola bilməzlər. Əgər olsalar, ticarətin əsası xələldar olar. Yəni ticarət ziyan çəkər. * * * Məsələn, bu axır vaxtlarda dövlət kino idarəsini məzəmmət edirlər ki, ədibləri özündən kənar saxlamaqla özünün əhəmiyyətini itirir və lakin bu sözü danışanlar gərək bilələr ki, əgər kino idarəsi ədiblərlə dostluq binasını qoysa, o vədə kinonun kassasına böyük bir zərər toxuna bilər. Bu zərər bundan ibarət ola bilər ki, həmən ədib o xəyalə düşə bilər ki, gahdan bir kino-teatrosuna daxil olmaq istəyəndə ondan pul almasınlar. * * * Mən bu xüsusda Azərbaycan Dövlət Kino idarəsinin tərəfdarıyam. Bura da pul lazımdır, pul. Kino-teatrosu dünyada həmişə pula xidmət edibdir. Hərçənd Şura kinosunun dəxi əsas məqsədi zəhmətkeşlərə mənəvi xidmət göstərməkdir, ancaq indi biz həqiqət halı nə surətdə görürük? Pul! Lağlağı “Molla Nəsrəddin”, 4 aprel 1929, №14 * * * Göz ağrısı Bizim Azərbaycanda Su təsərrüfatı işçiləri necə ki, lazımdı qabağa getmir. Bir tərəfdən kəhrizlərin çoxusu təmir olunmur. O biri tərəfdən də sudartan maşınların habelə çoxusu yenə təmir olunmayıb, durur. Mən hərdənbir öz-özümə deyirəm ki, görəsən, səbəb nədir ki, Azərbaycanda suvarma işləri həmişə axsıyır. Ancaq dünən Allah atasına rəhmət etmiş bir Allah bəndəsi bu barədə VI Şura qurultayında bir qısaca söz söylədi. Dedi ki, ruslarda bir məsəl var, deyərlər: Yeddi dayənin uşağı həmişə gözü kor olar. Mən bu Allah bəndəsinə ərz edirəm ki, əvvəla, bizim su işlərimiz lap da kor deyil, ancaq gözü bir az ağrıyır və saniyən də görüm o sən dediyin yeddi dayə kimilərdir. Allah bəndəsi bizim su təsərrüfat işlərinə dayəlik edən təşkilatı bu qərar ilə saymağa başladı: Zaqafqaz Su təsərrüfatı idarəsi. Azərbaycan Su təsərrüfatı idarəsi. Köy birliyi. Pambıq birliyi. Kredit şirkətləri. Meliorativ idarəsi (Suvarma işləri idarəsi). Azərbaycan Kənd təsərrüfat bankı. Dünyanın işlərini bilmək çətindir. O yerdə ki, ruslar keçmiş vaxtda öz aralarında söyləyirmişlər ki, yeddi dayənin uşağı kor olar, o vaxt onlar bəlkə də doğrudan bizim indiki suvarma işlərimizi nəzərə alırmışlar. Yoxsa əgər təsadüfi əmələ gəlibsə də, bu təsadüfə eyni zamanda möcüz də ad qoymaq olar. Cırcırama “Molla Nəsrəddin”, 11 aprel 1929, №15 * * * VI şuralar qurultayı Altıncı şuralar qurultayında qəza nümayəndələri məzəli gileygüzar edirdilər; adam qulaq asanda elə bilirdi ki, bu danışan zarafat eləyir. Amma bunlar hamısı doğrudur. Ağdam nümayəndəsi söyləyirdi ki, Şuşa şəhərinin fazili Ağa Əbdürrəhim ağa köçüb gəlmişdi ki, Ağdam məscidini döşəsin, səliqəyə salsın və oranı özü üçün mənzil qərar versin, həm də orada moizə eləsin, Allah baisin evini yıxsın: bu nadinc komsomollar bir gün dəstə tutub çıxdılar minarənin üstə və başladılar muzika çalmağa. Haman gün Ağa Əbdürrəhim ağa şələ-şüləsini yığıb məsciddən çıxdı qaçdı və ağanın pişmiş aşına su qatdılar. Xızı dairəsindən nümayəndə belə deyirdi: Şura hökuməti yapışıb bizim vəhşi kənd əhalisinin qulağından və deyir ki, səni mən xahinəxahi gərək adam eləyəm və sənin təsərrüfatını yüksəldəm; ancaq Şura hökuməti onu bilmir ki, bizim vəhşi əhaliyə təsərrüfat-zad lazım deyil; onlara yaxşıca saz tüfəng-tapanca lazımdır ki, bir-birini vurub öldürsün. Hazır həmin mart ayında bizim dayirədə mən biləsi üç adam əldə ölübdür. Dəxi bizə təsərrüfat nə lazım? Gəncənin Samux dayirəsindən gələn nümayəndə belə deyirdi: bizim ölkədə yol yoxdur; bu indiki qışda ölkəmiz az qalmışdır aclıqdan qırıla qurtara; onunçün ki, bir az qar da yağandan sonra heç yavuq dəyirmanlara da dən aparmağa yol tapa bilmədik. Yolsuzluğumuzun da səbəbi müsəlmançılığımızdır; çünki mollalarımız bizə həmişə söyləyiblər ki, yol, yol – o da tək bircə yoldur. O yol haman axirət yoludur ki, o da ibadətlə tapıla bilər. Onunçün də biz camaatı həmə vəqt məscidlərdə ibadətə məşğul edib bizi avara qoyublar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 aprel 1929, №15 * * * İşçi teatrı Axır vaxtlarda belə qulağıma çatır ki, guya Türk-işçi teatrı ilə Opera teatrını dəyiş-düyüş eləmək istəyirlər. Guya istəyirlər Türk-işçi teatrını Opera teatrının binasına köçürtsünlər, Opera teatrını da bulvardakı Türk-işçi teatrının səfalı binasına köçürtsünlər. Hər kəs nə deyir-desin, mən ki deyirəm, əgər bu iş baş tutsa, iki tərəf də, yəni bu teatr da və o teatr da qazanar. İki tərəf də belə qazanar ki, Bakıda bir işçi, şəhər işçisi, rayon işçisi, yaxud kənd işçisi işçi teatrını axtarmaq istəsə, ən əvvəl onun xəyalı şəhərin ən böyuk və ali teatr binasına gedəcəkdir və o işçinin yolu indiki Opera teatrının binasına düşəndə, haman dəqiqə inanacaq ki, bura gərək işçi teatrı ola; səbəb bu ki, hər şey əvvəlcə işçilərindir və onlardan ötrüdür. Opera teatrının da indiki Türk-işçi teatrının dərya kənarındakı səfalı binasına köçməyi xeyli münasibdir; səbəbi budur ki, həmin teatrın səhnəsi həmişə qaranlıq olur və o qədər ki, axır vaxtda Paric şəhərinin fahişəxanalarının lotubazlıqları açıq surətdə Opera teatrında göstərilir, bizim məktəb cavanlarını bihəya nümayişlərdən uzaq saxlamaq naminə, indiki Opera teatrını bundan da artıq qaranlıq yerə köçürtməlidir. Bunu da qeyd etməliyik ki, əgər Parij şantanlarını səhnələrimizdə diriltməkdən məqsəd oralara yolu düşən çar generallarının çürüyünü çıxartmaqdır, bunu da gərək unutmayaq ki, haman generallar Peterburqda guruldayan zamanın özündə də zir-zibil kimi puç bir şey idilər. Ancaq bu var ki, haman lotu generalları biz səhnədə Parij şantanlarında çılpaq fahişələrin məclisində açıq-açığına göstərəndə unutmamalıyıq ki, tamaşaçıların yarısı məktəb tələbələri və sayir cavanlardır. Az qalıram deyəm ki, həmin murdar şəkillərlə biz şura teatrını lap əbəs yerə zibilləyirik. Axır günlərdə Moskvadan gələn “Muzikalı komediya” dəstəsinin nümayişlərindən “Ağ gənə” bu barədə dadi-bidad edir. Heyif teatrlarımıza! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 aprel 1929, №16 * * * Yemək bayramı İnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur. Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar. Bu hazırlaşmaq nədən ibarətdir? Müsəlmanlar qurban bayramına qoyun-quzu tədarük edən kimi, bunlar da bayram süfrəsinə düzmək üçün donquz balasını və toyuqları büryan etməyə hazırlaşırlar. Ancaq Allah özü millətlərinin bicliyini səndən də, məndən də yaxşı görür. Dərhəqiqət: sən əgər haqq və həqqaniyyət axtarırsan, bəs nə səbəbə bu bayram günlərində qarınqululuqdan başqa özgə bir savab işlərə məşğul olmursan? Nə səbəbə süfrə başında əyləşib ləzzətli yeyib içmək əvəzinə əlsiz-ayaqsızları yada salmırsan, onların hər bir rast gələnini doyuzdurmursan, xeyir işlərdə özünü kənar saxlayırsan (çünki eyşü-işrət səni elə bərk məşğul edir ki, dünya yadına düşmür). Dünən bir yekə dəstə pasxabaz insanlar bazarda növbəyə durmuşdular. Nəyə? Toyuq-cücəyə. Toyuğun biri neçəyə satılırdı? Biri dörd manata. Sabahdan müsəlmanlar qurban üçün qoyun-quzuya növbəyə duracaqlar. Biri neçə(yə)dir? Əlli manata. Söz yox ki, burada pasxa-masxa, qurban-murban bir bəhanədir; yoxsa sən əgər doğrudan da Allahı sevənsən, dəxi bu qədər yeyib-içməyin Allah məhəbbətinə nə dəxli var? Xülasə, bu qədər biclik heç lazım deyil. Allah əgər varsa, özü bu işləri yaxşıca görür. Əgər yoxsa (elə yoxa da oxşayır), o da özgə bir məsələdir. Xülasə... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 aprel 1929, №17 * * * Heyvan sürüləri Mən həmişə Məkkəyə gedən hacıların karvanını heyvan sürüsünə oxşatmışam. Bunların bir-birinə oxşarı o babətdəndir ki, hacı sürüsünün də qabağına bir çavuş düşüb bunları çəkə-çəkə aparır, heyvan sürüsünün də qabağına bir çoban düşüb heyvanları çəkə-çəkə aparır. Bunların bir-birinə bir oxşarı da budur ki, necə ki, heyvanlar çobanın dalına düşüb gedəndə bilmirlər ki, haraya gedirlər, habelə hacılar da Məkkəyə kor gedib, kor gəlirlər. Üçüncü oxşarı budur ki, nə bu heyvanlar, nə o heyvanlar bilirlər ki, nə üçün gedirlər və nə üçün gəlirlər? Bu balaca müqəddimədən sonra ağamın qulluğuna ərz etmək istəyirəm ki, İranın Rəşt şəhərində çıxan “Məişəti-milli” qəzeti Məkkə ziyarətinə getmək əleyhinə uzun bir kompaniya açıbdır. Qəzet yazır ki, məmləkətin hədsiz paralarını qeyri bir məmləkətə aparıb səpməyin böyük bir iqtisadi zərəri var; bir surətdə ki, cəmi bu qism ziyarət dəstgahları səfahətin səfahətidir. Qəzet bu səfahətin qabağını almağı təkid edir. Molla Nəsrəddin əmi bunu çoxdan deyir: həmin məsələ çox asan da həll oluna bilər və çox çətin də həll oluna bilər; o da baxır millətin özünə: əgər millət qədim zamandakı adətlərini tərk etməyib, yenə həmişəki kimi məscid və minbər dibində behişt və huri qılman axtarmaq dalınca olacaq, o millətin hacı və heyvan dəstələri əskik olmayacaq. Elə ki, iranlı konsullarımız bir qədər də şimal tərəfə nəzər salıb suri-İsrafilin səsini eşidib gözlərini açdılar, onda hacı dəstələri özözünə yaddan çıxıb yox olacaqlar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 2 may 1929, №18 * * * Çətin məsələ Qəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa). Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir. Belə ki, bir para şirkətlər deyirlər ki, elə ittifaq düşür ki, insan matməəttəl qalır. Məsələn, bir nəfər ayaqyalın, lüt baba gəlir ki, mənə iki yüz manat borc ver. A balam, iki yüz manatı sən əvvəl-axır haradan qaytaracaqsan ki, bu saat sənin əlində bir süpürgə də yoxdur ki, daxmanı süpürəsən? İndi gəl bu məsələni aç görüm, necə açacaqsan? Hər yetən yoxsula versən sabaha kimi şirkətdən bir tük də qalmayacaq, verməyəndə də adını varlıpərəst qoyurlar. İndi əgər birisi yanıla, bu məsələni bizdən sual edə–biz doğrusu, varlıların tərəfdarıyıq; onunçün ki, biz bir para yerlərdə gərək atalar sözünə də qail olaq. Necə ki, atalar deyiblər; yağı yağ üstə tök, qoy yarma yavan qalsın. Bir də farslar öz lüğət kitablarında yazırlar ki, “ğəni malidarəst”; yəni varlı adam Şeyx Qəni kimi gərək mal sahibi ola, necə ki, Şeyx Qəni axund gecə-gündüz minbərdən avam camaatı bu beş günlük dünyadan həmişəlik axirət evinə dəvət edə-edə özü hədsiz dövlət qazanıbdır. Bir nəfər nainsaf haman məsciddə cürət edə bilmir ki, durub şeyxə desin ki, o qədər mal-dövləti, bəs, sən özün niyə yığırsan? Həmçinin şirkət müdirləri: hərçənd kəndlilər özləri onları əmin bilib seçiblər; ancaq onlar bəs neyləsinlər? Əgər onlar da özlərinə indidən bir gün ağlamasalar, bir də nə vaxt belə fürsət ələ düşəcək ki, kasıblıqdan çıxıb varlı olsunlar? “Qəni–malidarəst, Miskin–gəda”; yəni, Şeyx Qəni və idarə müdiri mal sahibi olar, amma “gəda”lar da kasıb olar. “Gəda”nın mənası bəy və xanların istilahınca lap əskik insanlara deyilir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 16 may 1929, №20 * * * Xurcun və çamadan Hekayə Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi. Bunlar bir gün bəhs elədilər ki, indiki zəhmətkeş əsrində bunların hansının hörməti artıqdı? Əlbəttə, xurcun özünə çox arxayın idi; çünki əlbəttə ki, indiki zəhmətkeş əsrində həmişə kəndlinin çiynində olan xurcun şəhərlilərin yaraşıqlı hesab olunan çamadanından hörmətli gərək nəzərə gələ. Bəli, belə ittifaq düşdü ki, bunların ikisinə də dəmir yolda balaca düşərgahların birində vaqona minmək lazım gəldi. Elə ki, maşın dayandı, xurcun bir yandan və çamadan da bir yandan vaqonların qabağına qaçdılar. Vaqon naziri çamadanı görən kimi fori vaqonun qapısını açdı və çamadana dedi: “buyur” və hətta çamadana əl uzadıb onu qalxızdı vaqona. Amma xurcun qaldı yerdə yalvara-yalvara. – Mestov net. – Yer yoxdur. – Değ çika. – Arari, arari. Katso arari. Bu yazdığım bir balaca hekayədir ki, onu oxuyan bilər ki, mən nə deyirəm. Mən onu deyirəm ki, bir paraları lap yalandan öz adlarını yoldaş qoyub, yalandan hər rast gələnə “yoldaş” deyirlər. Həqiqi yoldaşlıq odur ki, yeri düşəndə heç kəsə təfavüt qoymasın: nə cındır xurcuna, nə də qiymətli çamadana. Hələ bu sənə peşkeş. Ona nə deyirsən ki, hələ sənin vəzifən xurcunu çamadandan qabağa salmaqdır. Xülasə, bu bir hekayədir ki, indiki yaylaq ərzində bunu oxumaq dəmiryolçularımıza çox vacibdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 23 may 1929, №21 * * * Dinsizdirlərmi Azərbaycan kəndliləri? Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar. Aya bu doğrudurmu? Allah eləsin sən deyən olsun. Ancaq inanan daşa dönsün. Doğrudur, zahirdə kənd əhalisi din və etiqada soyuq nəzərə gəlir, məscid və minbərə bir növ kəm meyil görsənir. Ancaq bu zahirdə belədir. Bəs, batində? Batində Azərbaycan kəndlisi hələ avamdır. “Hələ” ondan ötrü deyirəm ki, Azərbaycan kəndlisi indi yavaş-yavaş oxumağa üz qoyubdur və təbiidir ki, dərs oxuyan Azərbaycan kəndlisi, şura tərbiyəsi və məktəb dərsinin təsiri nəticəsində mürurla dindən də, məscid və minbərdən də uzaqlaşacaqlar. Ancaq söz burasındadır ki, bu iş hələ bir müəyyən vaxt uzanacaqdır. Onunçün də biz indinin bu saatında Azərbaycan kəndlisini dindən qopmuş zənn etsək və onların içində dinsizlik təbliğatını lüzumsuz hesab etsək, onda bizə hər bir kəs korazehin ad qoysa, haqlı olacaqdır. Onunçün də hər kəs bundan sonra bisavad motalpapaq Həsənqulunu fikri açıq və dinsizlər cərgəsində qoysa, o adam heç zad bilmir. Doğrudur, həmin Həsənqulu binamazdır və bəlkə məscidin yolunu tanımır; ancaq bu ondan ötrüdür ki, onun kəndində namaz qılmaq və məscidə getmək adət deyil. Bircə bambılı mollanın ayağı ora düşən kimi hər bir şey düzələcək. Məktəb, şura tərbiyəsi, bilik və təbliğat. Məktəb, şura tərbiyəsi, bilik və təbliğat. Vəssalam! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 30 may 1929, №22 * * * Mədfən “Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür. Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır. “Mədfəni-fikr” bizim bəzi köhnə və təzə şair, qələm sahiblərinin o kitablarına deyilir ki, orada mömin müsəlman millətlərinin çürümüş qafasını sındırıb içindəki mövhumatı dağıtmaq yolunda ikicə kəlmə danışılmayıbdır. “Mədfəni-fikr” olan minlərcə müsəlman kitablarını lazım gəlir yandırmaq ki, bu yanğının şöləsi vasitəsilə millətə lazım olan kitabları görmək mümkün ola. Onda bizim gözümüzə keçmiş əsrlərin qaranlığında bir kitab rast gələcək. O kitab uzaqdan bar-bar bağıracaq: “Açın məni, açın məni! Görün mən kiməm!” O kitabın cildinin üstundə bir belə ad nəzərimizə gələcək: Ömər Xəyyam. Bu kişi haman adamdır ki, yeddi-səkkiz əsrin müddətində tək birinci olaraq biçarə müsəlmanlara mərd-mərdanə belə xitab etdi: “Ay biçarələr! Ərəbistan çöllərində iki nəfər ərəb, hökumət üstə “portfel” davası saldılar və bir-birini vurub öldürdü, – bəs indi siz nə səbəbə müftəcə yerə məhərrəm ayında başınıza döyüb ağlaşırsız?”. Bə niyə bu neçə əsrlər ötüb keçəndən sonra yüzlərcə və minlərcə qələm sahiblərinə və şairlərə müftəcə əl çaldıq, alqışladıq, ancaq Ömər Xəyyam hissini, Ömər Xəyyam qeyrətini çoxunda görmədik, hətta indi də görmürük? Heyif müftə alqışlara! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 iyun 1929, №23 * * * Qarabağda aşura Bu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular. Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi. Hərçənd dərs oxumuş türk cavanlarından və ziyalılar tərəfində camaata dəlil-nəsihət verilirdi ki, baş yarmaq və atılıb-düşmək nəsillikdir. Ancaq çadralı arvadlar bərk qeyrət üstə gəldilər, va şəriəta, va şəriəta! (Görəsən, dünyada yenə də bu qism vəhşi tayfa tapılar?). Amma Şuşa şəhərində iranlı Zəhra xala qiyamət qoparmışdı; Belə ki, o arvad əlinə çomaq alıb, kişi kimi meydan sulayırdı. O özgə millətlərin qadınları, bu da biz mömin bambılı millətin qadınları. “İn koça və an koça!” Başını pikliyim ay belə dinbaz millət!!! Lağlağı “Molla Nəsrəddin” 4 iyul 1929, №27 * * * Dindarlığın axır nəfəsi Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın. Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər? “Molla Nəsrəddin” idarəsinin bu barədə cavabı belədir: Ölüm halına yavıqlaşan xəstələrin həmişə bir axır nəfəsi var ki, ondan sonra ölüdə dəxi bir dirilik əlaməti görsənmir. Ancaq bu axır nəfəsdən qabaq xəstədə bir müvəqqəti tərpəniş müşahidə olunur, guya belə nəzərə gəlir ki, xəstənin əhvalı yaxşılaşmağa qədəm qoyur. Amma bu axırıncı hərəkət və tərpəniş, məhz axırıncı nəfəsin çavuşudur. Habelə axır zamanda nəzərə çarpan dindarlıq tərpəniş və təşəbbüsləri; bunlar hamısı bənzər xəstənin ölümdən qabaqkı yalançı qüvvəsinə və canlanmasına və yalançı sağalmasına. Bunların hamısı məhz axır nəfəsin əlamətidir; bunlar hamısı dindarlıq oyunbazlıqlarının axırıncı büsatıdır. Və bundan sonra üzümüzə gələn zəhmətkeşlər tərəfindən bu oyunbazlıq, mərsiyəbazlıq, şaxseybazlıqların dəfninin növbəsi gərək olsun və belə də olmalı. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 iyul 1929, №27 * * * Kooperativ bayramı Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu. Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq. Necə yəni kooperativ? Hər bir işi ümumca görmək, hər məsələyə dair ümumca təşkilat yapmaq, hər binagüzarlıqda müştərək olmaq və beləliklə, cəmi binagüzarlıqların mənafeyinə şərik olmaq; xah ticarətdə, xah ziraətdə, xah sənayedə. Bəs, onda necə olsun: əgər belə mülahizə etsək ki, bir bu üsulu ticarətdə işlədəcəyik, onda bəs rəşid və gözüaçıq harın tacirlərimiz nə yol ilə tənxah qazansınlar? Bəs, elədə İranda Hacı Məhəmmədağa Həririlər və Azərbaycanda Musa Nağıyevlər və Mantaşovlar nə yol ilə milyon sahibi olsunlar? Əsil mətləb buradadır ki, dünyanın dövlət və sərvətini qoçaq tacirlər həmişə kasıb-kusub zəhmətkeşlərin avamlığı, acizliyindən istifadə edib qazanırlar. Əgər sən məni hər bir binagüzarlıqda, ticarət və sənayedə zəhmətkeşlərə yoldaş eliyəcəksən, – daha onda mən o milyonu qazanmağa haradan yol tapacağam? Yox, yox, bu kooperativ bayramını mən başa düşə bilmədim. Və bu söhbətlər mənim qulağıma girmir. Mənim arzum təkcə milyon qazanmaqdı və kasıb zəhmətkeşlərə yoldaş olmaq mənim işim deyil. Səbəb bu ki, onlar zəhmət üsulu ilə çalışmaq istəyirlər. Mənsə, asanca milyon sahibi olmaq istəyirəm. Mənə milyon lazımdır; onların canı cəhənnəmə! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 11 iyul 1929, №28 * * * Bəxt lazımdır Ağstafada dəmir yol işçilərindən Məhəmməd Hacızadə ən zəhmətkeş bir adamdır: Zəhmətkeşliyinə dəmir yol idarəsindən əlində vəsiqəsi var. Teatr-dram cəmiyyəti üzvlüyünə Qazax maarif şöbəsindən və Ağstafa işçi klubundan şəhadətnaməsi var. “Yeni fikir” qəzetinin müxbirliyinə həmin qəzet idarəsindən sənədi var. “Bolşevik” qəzetinin intişarı yolunda çalışmağına Qazax firqə komitəsinin təbliğat şöbəsindən vəkalətnaməsi var. Və bizim Molla əminin də yolunda Hacızadə yoldaşın çalışdığını biz də iqrar edirik. Amma bunların hamısı bir tərəfdə, insanın bəxti də bir tərəfdə. Əgər cəmi saydığımız xidmətlərlə bərabər, Allah səndən iltifatını əysə, onda birdən görəcəksən ki, Ağstafa dəmir yol firqə özək katibi Ruben yoldaş və Qazax Dayirə İcraiyyə Komitəsi sədri Rüstəm yoldaş sənin müxbirliyindən narazı qalıb, səni vəzifən-dən kənar etdirib, yomiyyə ruzuva möhtac buraxdılar. Qərəz, insanda bəxt lazımdır; yoxsa bəxtsiz insan Ağstafa qolçomaqları ilə bacara bilməyəcəkdir. Molla əmi “Molla Nəsrəddin”, 18 iyul 1929, №29 * * * Gecənin sahibsiz vaxtı Yay zamanı gecələr Bakıda şəhəri mühafizət etmək üçün kifayət qədərincə milis nəfərləri vardır; ancaq yay gecələrinin ikicə saat sahibsiz vaxtı var: o da sübh saat dörddən saat beşə və altıya kimidir. Həmin iki saatın müddətində, – mən milis nəfəri tərəfindən üzü istəyirəm, – bu vaxt şəhər bunların ixtiyarından çıxıb keçir aşağıda saydığım vətəndaşların ixtiyarına: Droğçuların. Alça və əncir satanların. Starveşçilərin. Yay zamanı dua yazan mollaların və ruh damarlarına müalicə edən təbiblərin bazarı çox şirin olur. Belə ki, gecə işdən-gücdən yorulub yatan və bütün gecə huşlanan bir Allah bəndəsi yuxuda görür ki, zəlzələdir. Doğrudan da zəlzələ imiş; ancaq yeraltı öküzünün yox, bu Allahsız “droğ” arabasının zəlzələsi imiş. Eləcə sərasimə başını akoşkadan küçəyə uzadıb görürsən ki, hələ təzəcə işıqlanır və şəhərin yuxarı məhəlləsindən bir “droğ” arabası (yəni bir dılğır araba) nərə təpə-təpə gəlir... Gözlərini ovuşdurub güclə seçirsən ki, bu zəlzələni törədən–arabada bagdaş qurma oturan bir keçəl müsəlman uşağıdır, əlində bir yekə xiyarı ağzına basıb, nahar qarnına yeyə-yeyə atı tappıldadır ki, bərk çapsın. Məlum şeydir, bu arabanın dalınca yenə araba nərəsini eşidəcəksən. İnsafən bu araba zəlzələsi çox çəkmir; ən çoxu yarım saat, bir saat. Konsertin ikinci nömrəsi: – Ay yaxşı alça! – Ay sarı-sabahı əncir! – Qaymaq, qaymaq! – Malina, malina! İndi hünərin var–yat. – Starveş! Starveş! Ay starveş! Starveş!.. Kor-peşiman “lənət şeytana!”– deyib durub geyinirsən, bir stakan çay iştahasız içib gedirsən qulluğa. Və məhz qulluqdan evə qayıdanda, görürsən ki, bu yuxusuzluğun bidamaqlığından idarədə nə qədər qanunsuz işlər görmüsən; Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. Qəzadan şikayətə gələn üç nəfər kəndliyə kifayət verdirəydin, – acıqlanıb yenə qəzaya göndərdin. Səndən asılan ailə üzvlərini lap nahaq yerə dilxor eləmisən və küsüb evə çörəyə gəlməmisən. Və zirdəst idarə qulluqçularından ikisini lap əbəs yerə təhqir etmisən. * * * Müxtəsər, yay zamanı həmin iki saatın ərzində Bakı şəhəri sahibsiz qalır; səbəb budur ki, Kommunxoz və inzibati şöbə bu iki saatın müddətində şəhərin əhalisinin istirahətini droğçulara, alçaçılara və sair çığır-bağır salanlara icarəyə verir. Nə qədər səsin var çığır. Nə qədər gücün var, arabavı sür. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 18 iyul 1929, №29 * * * Yoldan azanlar Buzovna və Zuğulba əhalisinin fikrinə gələ bilər ki, bu günlərdə Buzovna və Zuğulbada keflənib biabırçılıq salan və axırda böyük cinayət törədən Sesin və onun həmtayları Lenin firqəsinə sitayiş edənlərdir. Hər kəs bu əqidədə olmuş olsa, böyük qəflət etmiş olacaqdır. Bu söylədiyim cənablar məhz yoldan azmışlardır; zira kommunist firqəsinə sədaqətlə mənsub olan yoldaşlar öz fel və xidmətləri ilə əhaliyə bir dəlil olub məmləkəti təmir və abad etmək üçün çalışmaqdadırlar. Amma Sesin və yoldaşları kimi yoldan azmışlar, belə bir cinayəti yapmaqla Kommunist firqəsinin heç duzunu da dadmamaqlarını isbat elədilər. Onunçün də Kommunist firqəsi bu qudurğanların qabaqca firqədən quyruqlarını dügüb sonra onların barəsində fikir çəkməkdədir. Rədd olsun firqəyə soxulan yaramaz ünsürlər və canilər! Molla əmi “Molla Nəsrəddin”, 25 iyul 1929, №30 * * * Artel müdiri Akstafa artelinin müdiri barəsində bu saat qəzetlərdə çox danışıq gedir. Danışığa səbəb budur ki, necə ki, məlumdur Ağstafada bir artel düzəlibdir və bu arteli idarə etmək üçün bir nəfər seyid seçibdirlər. İndi danışıq bunun üstədir ki, aya bu müdiri hansı qabiliyyəti üçün sədr seçiblər? Biri deyir ki, bu adamın məhz peyğəmbər övladı olmağını nəzərə alıbdırlar. Amma bir paraları da deyir ki, həmin cəddinə qurban olduğumu o səbəb artel müdiri seçiblər ki, bu kişi indiyə kimi bir rəvayətə on bir, amma bir rəvayətə on dörd arvad alıbdı. Bu qədər arvaddan indi neçə nəfəri sağdır, qalanları ölüb, itibdir. Demək kəndlilər bu seyidi sədrliyə seçəndə bunu mülahizə ediblər ki, cəddinə qurban olduğum əvvəldən xeyir-bərəkətli və meymənətli olduğu cəhətdən bəlkə arteli də öz əhl-əyalı kimi bərəkətə mindirə. Ancaq bu barədə aparılan danışıqlar içində tək bircə həll olunmamış məsələ budur ki, aya müqəddəs sədrimiz dağkəsəmənlidir, qıraqkəsəmənlidir, ya Ortasəmən kəndindəndir. İkinci həll olunmamış məsələ də budur ki, “Ağanı” artel sədri seçənlərin beynini seçki günü həkimə göstəriblər ya yox? Allah, sən özün bu bəndələrini yerin-göyün bəlasından hifz eylə! Lağlağı “Molla Nəsrəddin”, 1 avqust 1929, №31 * * * Qarğa-quzğunlar Qarğa-quzğunlar həmişə çöllərdə cəmdək axtarmaqda olurlar. Çin tərəfindən də insanların qarğa-quzğunları qulaqlarını qırpıdıb müharibə gözətləməkdədirlər. Çünki acdırlar. Bu ac həriflərin birinci niyyətləri yəhudi qırğınıdır, yəhudi millətini qətlü qarətdir; çünki bu həriflər Nikolay əsrinin dəstpərvərdəsidirlər. Çin hadisəsinə çoxları qulaqlarını qırpıdıbdı. Ən çox Şuralardan inciklilər və inciyib qaçanlardı. Onlar üçün müharibə indilikdə ən bir arzu olunan bir məsələdir. Heç olmasa, dünya bulanar və mən arzuma çataram. İstər dünya dağılsın, qoy mənim arzum bəravərdə olsun. Həriflərin arzu etdikləri nədir? Yuxarıdan aşağı düşənlər yenə yuxarı qalxmaqdır. Əmlakı zəhmətkeşlərə təqsim olunanlar yenə sahibkar olmaqdır. İxtiyardan düşən hakimlər yenə hökumət etməkdir və bizim bambılı molla və keşişlərimiz ki, indi küçələrdə savadsız iranlılara məktub yazırlar, bunlar da yenə avama padşahlıq etmək ümidlərini artırırlar. Bəlkə də qaytardılar! Bəlkə də qaytardılar! Və lakin əbəs xəyal! Mən ki, belə başa düşürəm, indi tamam yer üzünün zəhmətkeşi də bir özgə xəyaldadır. İndi yer üzünün zəhmətkeşi bir-birilə əl-ələ verib deyir: Yox olsun cahan müharibəsi! Ta ki olsun insanların sülh və asayişi! Molla əmi “Molla Nəsrəddin”, 1 avqust 1929, №31 * * * Din və millət Axır zamanlarda “millətçilik” sözləri tez-tez qəzet sütunlarında danışılmaqdadır. Amma bircə şey mənim nəzərimdə xeyli təəccüb görsənir; o da budur ki, “din” və “dinçilik” söhbətlərinə çox az-az rast gəlirik. Halbuki “millət” və “millətçilik” məsələsi “din” və “dinçilik” və dindarlığa çox yapışıqlıdır, çox əlaqədardır (ərəblər demişkən). Ən qabaqda dindir. Sonra millətdir. Qabaqca din icad olunubdur. Sonra millət əmələ gəlibdir. Zira, balaca uşaq gözünü açan kimi göyün guruldamağını eşidib, qorxmağa və ağlamağa başlayıbdır; bu özü dindir, zira dinin əsil mənası ətrafda təbiətdən qorxmaqdır. Məsələn, mən birinin ölməyinə rast gəlirəm və vahimələnirəm, o səbəblə ki, bilmirəm bu ölmək nədir və öləndən sonra insanın başına nə gələcək. Nə gələcək? Heç zad. İnsan çürüməyə başlayacaq. Bəs ruhu nə olacaq? Heç zad olmayacaq. Niyə heç zad olmayacaq? O səbəbə ki, insan ölən kimi onun ruhu da ölür. * * * Bəli, keçək söhbətimizə. Mən onu ərz eləmək istəyirəm ki, hər bir millətçi eyni zamanda dincidir və sən əgər istəyirsən ki, Ömər, ya Zeyd millətçi olmasın, sən gərək cidd-cəhd edəsən ki, o, dinçi və dindar da olmasın. Ələlxüsus biz müsəlmanlar içində. Çox vaxt görürsən ki, bizlərdə millət və dini elə qarışdırırlar ki, heç baş aça bilmirsən. Soruşursan ki, “sən nə millətsən?” Cavab verir ki, “əlhəmdülillah, mən müsəlmanam”... Təbii şeydir ki, beləliklə nə qədər ki, dünyada din və dindarlıq varsa, o qədər də millətçilik davam edəcəkdir; ta o vaxta kimi din və dindarlıq kimi oyun-oyuncaqlardan insanlar utanıb əl çəkələr. Onda görəcəksən ki, millətbazlıq da yavaş-yavaş tərk olub, qoyub gedəcək işinə. Bu ki, belədir, dəxi ürəyini niyə sıxırsan? Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 avqust 1929, №33 * * * Sapın ucu. Qisas Ha iki gündən bir qəzetlərdə oxuyuruq ki, filan bakılı vurdu filan bakılını öldürdü. Əgər belə olsa, az bir vaxtda Bakıda dəxi bir nəfər də bakılı qalmaz. * * * Mən bu məsələni ondan ötrü ortalığa qoymuram ki, bakılıların o dünyaya getmələrinə çox darıxıram; yox, mənim məqsədim oxucularımın nəzərinə bunu yetirməkdir ki, burada bu qədər qan tökülməyə bais müsəlman qardaşların bir-birindən “qisas” almağıdır və bu da, necə ki məlumdur, islam dininin təqazalarından biridir. * * * Lap açıq danışaq. Bakılılar əsil müsəlmandırlar. İslamın müqəddəs kitabında yazılıb ki qisas şərən qanuni bir qərardaddır. Bakılılar da düzü billah müsəlmandırlar. Onun üçün də hər dəfə ki, qətl xəbərinin təfsilatını qəzetlərdə oxuyursan, axırda məlum olur ki, qatil ilə məqtulun, yəni filan ilə öldürənin bir-birinə qədimdən düşmənçilikləri var imiş. Demək, burada əsil məqsəd qisas almaq imiş. Demək, məsələnin sapının ucu yenə şəriətə gedib çıxır. Vəssəlam. “Molla Nəsrəddin” 15 sentyabr 1929, №36 * * * Peyğəmbərlər Beytül-müqəddəsdə, yaxud ruslar dediyi Yerusəlimdə bu saat ərəblər və yəhudilər bir-birini öldürməkdədirlər; ölənlərin çoxu yəhudilərdir, azı ərəblər. Amma söhbət orada deyil. Bizim dostumuz, yəni Şərqin “dostu” ingilislər də kənardan durub tamaşa edirlər. Həmin mübarizə torpağı və məmləkəti sahiblənmək mübarizəsidir; o yerlərə ərəblər də sahiblənmək istəyir, yəhudilər də istəyir. Amma ingilis də “mandatlı” əlini Beytül-müqəddəsin üstünə qoyub deyir ki, götürmənəm. Bu belə. İndi gələk sapın o biri ucuna: ərəblər–məhəmmədidirlər, yəhudilər–musəvidirlər, ingilislər–isəvidirlər. Bu üç tayfa nə səbəbə bir-birilə dava edir? O səbəbə ki, bunların hərəsinin peyğəmbəri ayrıdır. Əgər bunların peyğəmbəri tək bir olsa idi, o vaxt bilmirəm nə olardı. Ancaq bu üç tayfa bir-birinə o qədər uzaq olmazdı, nə qədər ki, indi uzaqdırlar. Bəs, bunları bir-birindən uzaq salan kim olub? İsa, Musa, Məhəmməd. Demək, məsələnin sapının ucu peyğəmbərlərə gedib çıxır. Vəssəlam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 sentyabr 1929, №36 * * * Məscidin sütunu Hər şəhərdə hər məscidin bir sütunu olar. Necə ki, Naxçıvanda dabbax Hacı Hüseynalı. Bir belə məscid sütunu Bakıda da Kərbəlayı Abdulla Hacı Zərbəli oğludur. Bu adam Suraxanski küçədə Hacı Pirverdi məscidinin sütunudur. Sütun, yəni bir binanın dayağı. Dayaq ona deyirlər ki, bir binanı bərk-bərk saxlaya və qoymaya ki, laxlasın və uçsun. * * * Bir para mərdümazarlar hərdən bir xəyala gəlirlər ki, Hacı Pirverdi məscidini çöndərib məktəd eləsinlər ki, məhərrəmlikdə və ramazanda qara camaat məscidə yığışıb və qonşu məktəbin dərslərinə mane olmasın. Ancaq hamı bir tərəfdə, qoca Kabla Abdulla da bir tərəfdə. Bütün məhəllənin camaatını ayaq üstə qalxızıb, məscidi müdafiə edər. Kəbla Abdullanı məqsədi budur imam yolunda canfəşanlıq eləsin ki, bəlkə cavanlıqda etdirdiyi cinayət və evlər dağınmağı müqabilində Allah-taala onun hədsiz günahlarından keçsin. Bari Allah-taala tezliklə onu öz behiştinə çağırsın. Amin. Lağlağı “Molla Nəsrəddin” 12 sentyabr 1929, №37 * * * Allahı “çistka” etmək olarmı? Arada çox danışılır ki, aya səbəb nədir ki, Allah-taala çistkadan azad olsun? İndiki əsrimiz məhz azadlıq əsridir, çox böyük-böyük imam və peyğəmbərlər təmizləməyə düçar olurlar; məmləkətin sütunları o yerdə ki, bu gün şiri-cəyan kimi gurulduyurdular, sabah görürsən ki, təxtdən düşüb heç bir şey olublar. Bəs, səbəb nədir ki, tək bircə Allah kənarda qalsın və təmizləməyə, tənqid və təhqiqata düçar olmasın? Məgər demək olar ki, xudavəndi-aləm hər bir eyib və nöqsandan aridir və uzaqdır? Kim deyir ki, bari-pərvərdigara heç bir töhmət yapışmaz? Nəuzübillah, Allah-taaladan mənim birinci gileyim odur ki, o həzrət heç yanda görünmür. Nə qədər ki, insanlar bir şeydən yana narazı və şikayətçidirlər – Allahı tapa bilmirlər ki, şikayət edib kifayət alsınlar. Nə səbəbə Allah-taala görsənmir? Və o həzrət haraları gəzir və haralarda dolanır? Bunu bilmək olmur. İndiyədək heç bir məmləkətdə heç bir insan Allahı görən olmayıb. İslamın şəriəti deyir ki, Allah nə yerdədir, nə göydə; nə cismdir, nə cövhər və onu bu səbəbə görmək olmaz. Bilatəsbih, yer üzünün bir para Allahlarında da bu xasiyyət var; onu ildə bir dəfə də bir yanda görə bilmirəm. Və ildə bir dəfə də onu görmək istəsən ki, dərdini deyəsən, məlum olacaq ki, ya Tiflisə gedibdir, ya iclasdadır. Onunçün də mən hərdən bir zarafatnan deyərəm ki, bizim yer Allahları da nə cismdir, nə cövhər; nə yerdədir, nə göydə. Bəs, həqiqət – Allah həzrətləri hardadır? A qde je boq? Bəs, o ki, heç yanda görsənmir, bəlkə o, heç yoxdur? Bəs, o ki, yoxdur – dəxi onu çistkaya salmağın da mənası yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 sentyabr 1929, №37 * * * Səbir Şərq aləmində səbir – çox arzu olunan bir haldır: dayanmaq, təhəmmül etmək, tələsməmək – budur səbrin mənası. Şərqin mədəniyyətcə Qərbdən geridə qalmağının filosofiyası elə haman səbirdir və inşallah-taala bir min il də səbrdən sonra Şərq Qərbi də ötüb keçəcək və bəlkə şimal və cənubu da geridə qoyacaq (inşallah!). Biz də Şərqə baxıb bir neçə hallarda xeyli səbr və üstubluluq göstəririk. Məsələn: Birinci hal: məktəblərin binalarını üç ay yayda təmirdən çıxarmaq olardı. Amma indi sentyabrın iyirmisidir, hələ dərsdən bir xəbər-ətər yoxdur. Bu, birinci. İkinci. İkinci söhbətimiz yenə maarif aləmindəndir: hanı birinci ilin dərs kitabları? Hələ mətbəədədir. Ancaq mənim xəyalıma belə gəlir ki, burada səbrin olmağı nəzərə alınıb; yoxsa alınmasaydı, kitablar indi şagirdlərin əlində idi. Üçüncu: kəndlərdə şuranın aktiv üzvlərinin savadsızlığı nəticəsində kənd işlərimiz çox geridə qalırlar (Mərkəzi İcraiyyə Komitəsinin məruzəsindən). Demək, kənd aktiv işçilərimizi hazırlamaqda da böyuk səbir və “inşallah” göstərilibdir. Dördüncü halda səbir və “bu gün-sabahı” istemal edən Molla Nəsrəddin əminin qəzalarda vəkilləridir. Həftədə bir dəfə bir kağız yazarıq “Mən ölüm, borcunuzu göndərin, mətbəə pul istəyir, kağız pul istəyir, yoldaşlar pul istəyir”. Biz yazıb-yalvarınca vəkillərimiz “inşallah” deyərlər. Bu da yaxşı deyil. Allahın altında bu dörd fəqərə təxirin heç biri olmayaydı (ələlxüsus axırıncı). Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 sentyabr 1929, №38 * * * Bakının havası Dünən yox, sırağagün hava çox sakit idi. Müdirimiz də çox sakit idi. Öz kabinəsində oturub nəsə yazırdı. Dəftərxanadan heç kəsi çağırmırdı. O gün nə bir külək səsi eşitdik, nə müdirimizin səsini eşitdik. Səbəbini bilmədik ki, aya niyə təbiət bu gün sakitdir. Və nə olur ki, bir gün tufan qopur, bir gün heç balaca yarpaq da tərpənmir? Habelə bilmədik ki, sırağagün nə səbəbə müdirimiz eləcə dinməzsöyləməz oturmuşdu. * * * Dünən hava qarışdı. Külək okoşkaların şüşəsini sındırmaq istəyirdi. Dam-daş titrəyirdi. Müdirimizin həmişəki acıqlı səsini eşitdik. Həmişəki kimi söyüş söyə-söyə katibin müavinini çağırırdı. Hərçənd ki, söyüş katibin müavininin barəsində deyildi. Ancaq biz hamımız bilirdik ki, “qızım, sənə deyirəm, gəlinim sən eşit!” deməkdir. Katibin müavini durdu, getdi. Çünki atı atın yanına bağlasan ya halını götürər, ya xasiyyətini. Müavin də mırtdana-mırtdana kimisə söyə-söyə gəldi. Onun üçün də Bakının havasını və müdirimizin havasını biz qulluqçular bir mizanda tuturuq. Hər dəfə Bakının küləyi tufan eləyəndə bizə yəqin olar ki, o günü atamız yanacaq. Bizə yəqin olar ki, müdirimiz kimisə söyə-söyə, qışqıra-qışqıra bizim birimizi çağıracaq və qışqıra-qışqıra bir söz deyəcək və keçmiş padşah əsrini bizim yadımıza salacaq. * * * Ancaq belə-belə çürük işlərin daxi zamanı keçibdir. Çünki indi Şura əsridir. İndi nə müdir müavini söyə bilər, nə də müavin müdiri. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 8 oktyabr 1929, №40 * * * Xam xəyal edirlər Xam xəyal edirlər o məsul işçilər ki, onların öhdəsinə qoyulan vəzifəni səhl sayırlar. Nəticəsini axırda görəcəklər. * * * Xam xəyal edirlər ingilis hökumətinin əfqan nümayəndələri o yerdə ki, Beççeyi-Səqqaya göstərdikləri maddi köməkliyi məxfi hesab edirlər; Beççənin cəmi qoşunları bu saat ingilis tüfəngləri ilə tüfəngləniblər. * * * Xam xəyal edirlər qəzalarda haman maarif müdirləri ki, Şirvan okruqu maarif müdiri kimi, hər söz başında cavan müəllimlərə cavab edirlər: “xoşlamırsan, ərizə ver çıx”. * * * Xam xəyal edirlər haman quldurlar ki, bu günlərdə Bakı ətrafında yol ilə gedən iki nəfər qızıl əsgərə güllə atmaqla elə güman ediblər ki, bununla şuralar ordusunu zəif salacaqlar. * * * Xam xəyal edirlər Bakıdan Xırdalana hərəkət edən şagird qatarının müdirləri o yerdə ki, vaqonları zibilli saxlamaqda özlərini haqlı sayırlar. * * * Xam xəyal edirlər həmin kənd camaatları ki, bəylərdən qalan kəhrizləri abad saxlamırlar və onların xarab olmağına tamaşa edirlər; çünki belə olanda köhnə sahibkarlar indiki kəhriz sahiblərinə “qınıqını” edərlər. * * * Xam xəyal edirlər o kəslər ki, mənim həmin hikmətli sözlərimi oxumaq istəmirlər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 oktyabr 1929, №40 * * * “Fırıldaq baş tutmadı” “Xaçpərəst voskresenyesi və müsəlman cüməsi” Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər. Məsələn, sözün düzünü danışaq. Şura hökuməti bu gözəl dinə o qədər hörmət qoymadı, nə qədər ki, İngilis və Amerika hökumətləri qoyur. O səbəbdən də Bakıda babilik o qədər rövnəq tapmadı, nə qədər ki, bəhayilər ümidvar idilər. Onunçün də eşitdiyimə görə bəhayilərin mübəlliğləri şələ-şülələrini yığışdırıb Ərdəbilə köçmək fikrindədirlər, Əlbəttə, Ərdəbil ilə Bakının böyük fərqi var: Ərdəbildə hər bir din məsələlərinə artıqraq maraq göstərirlər, nəinki Bakıda. Ərdəbildə hal-hazırda çox bəhayi var. Ərdəbil qanacaqda və axirət maarifində Bakıdan çox qabaqdır (Maştağanı çıxandan sonra). Babilik Ərdəbildən Həmədana da yayıla bilər, amma Bakıdan bir tərəfə sirayət edə bilməyəcək; səbəb budur ki, Bakının ətrafındakı şəhərlərin hərəsini bir qolçomaq islam fazili sahiblənib, əldən qoymaq istəmir. Məsələn, Maştağanın avamını Axund Mirzə Məhəmmədkərimin torundan və İrəvanın möminlərini Mirzə Hüseyn ağa vaizin zəncirindən babilərin babası da qoparda bilməz! Xudaya! And verirəm səni öz yoxluğuna: məni bir başa sal görüm, əgər dünyanın cürbəcür elmini yaradırdın, onda daha keşiş və mollaları niyə yaradırdın? Əgər maarif və inqilabı yaradırdın, onda bəs bu cürbəcür dinləri niyə yaradırdın? Xudaya! Bəs, səni adil deyirdilər: bu ki, zülmün lap intəhası oldu!... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 oktyabr 1929, №41 * * * Təmizlik Mən uşaqlıqdan eşitmişdim ki, təmizlik yaxşı şeydir. Hətta şəriət də təmizliyi xoş tutur (izaleyi-nəcasət). Sonralar, böyüdükcə görürdüm ki, təmizlik doğrudan da, yaxşı şeydir. Hətta hər barədə geridə qalan İran şəhərlərində də bəzən təmizlik asarını görərdim və bunu da görərdim ki, təmiz olan məkandan azarbezar uzaq gəzir və natəmiz yerləri və insanları azar-bezar dost tutur. Bununla belə bu axır vaxtlarda təmizlik və natəmizlik barəsində mənim əqidəm busbütün dəyişildi; belə ki, natəmizlikdən azar törənməsinə axır vaxtda mən başladım şəkk eləməyə; səbəb budur ki, əgər bu rəy səhih olsaydı, Bakıdan vəba və taun azarı gərək əskik olmayaydı. Məlum şeydir ki, natəmizlikdə Bakı şəhərinə qeyri bir şəhər çata bilməz. Allah buna şahiddir ki, (əgər yox olan bir kəsin şahidliyi qəbul olunsa) Bakı yaranandan indiyədək Bakı təmizlik barədə o dərəcədə sahibsizlik çəkməyib, nə qədər ki, axır vaxtlar çəkməkdədir. Ancaq şükür olsun Allahsızlığa: hardansa Bakı kommunxozunun yadına düşüb ki, axır insaf da yaxşı şeydir! Və Bakının küçələrini pişik ölüsündən təmizləməyə çarə axtarmaqdadır. Kommunxoz əgər şəhəri təmizləmək istəyir, təmizləsin: təmizlik hər halda pis şey deyil. Amma əgər kommunxoz əhalinin hifzi-səhhətini mənzur tutmaq nöqteyi-nəzərində[n] bu işə iqdam edirsə, bu barədə heç təşvişə düşməsin; zira Bakının təcrübəsi bunu göstərdi ki, xalera və taun xəstəlikləri də Bakının zibilli küçələrini görmək istəmir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 oktyabr 1929, №42 * * * Olaydı-olmayaydı Nə olardı ki, dünyada yaxşılıqdan başqa heç bir şey olmayaydı; nə yalan, nə palan, nə oğurluq, nə quldurluq, nə zülm, nə sitəm–bunların heç biri olmayaydı!.. Gərək əyrilik olmayaydı – düzlük olaydı; bahalıq əvəzinə ucuzluq olaydı; cibgir uşaqlar məktəblərdə gizlənəydi və Bakının bazar-küçələrindən zibil ildə bir dəfə süpürülüb təmizlənəydi. Gərək Naxçıvan ölkəsinin müdirlərinin çoxu yerli əhalidən və azı gəlmə əhalidən olaydı, nəinki müdirlərin azı yerli əhalidən və çoxu gəlmələrdən olaydı (çünki gəlmələrin bir parası deyir: “canı cəhənnəmə”). Nə olardı hər bir şey öz yerində olaydı: məktəbdə müdərrislik edən – dükanda olaydı və dükançılığa məcbur olan – məktəbdə dərs deyəydi; çəkməçi öz çəkməçiliyinə məşğul olaydı, zərgər də öz zərgərliyinə. Dəllək baş qırxaydı və mühəndis körpü tikəydi (çünki elə olsaydı, baş qanamazdı və körpü uçmazdı). Həmçinin nə olardı ki, firqədən kənarda qalanların bir parası firqədə olaydı və firqəyə daxil olanların bir para yaramazları firqədə olmayaydılar. Nə olardı ki, qolçomaqlar tərəfindən quyulara qaranlıq gecələrdə oğurluğunca tökülən taxılın hamısının yerini rəml elmi vasitəsilə biləydim: onda hamı görərdi ki, taxıl tədarükü nə deməkdir. Nə olardı ki, mənim bu məqaləmi oxuyub dərk edən olaydı! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 17 oktyabr 1929, №42 * * * Gəl savaşaq Uşaqlar küçədə oynaşanda bir nadinc uşaq o biri uşağa naqafil bir təkan vurur; bunun mənası budur ki “gəl savaşaq”. Kitay hökuməti Şuralar İttifaqı öz işinə məşğul olduğu yerdə buna bir təkan vurub deyir: “Gəl savaşaq”. Şuralar İttifaqı Kitay hökumətinə cavab verir: “A balam, dinc dur, mən dalaşmaq istəmirəm, savaşmaq pis şeydir, insanlar üçün vuruşmaq fəlakətdir, zəhmətkeşləri bir-birinin üstə küşkürmək rəva deyil”. Kitay qulaq vermir və hər bir fürsət düşəndə şuralar əhalisini sancır. Ay yoldaş! Əl çək, fəraqət otur. Kitay öz işindədir (bir tərəfdən də şura düşmənləri onu bizliyirlər). Allahü-əkbər! Bu kişinin qanı artıqlıq eləyir; qorxuram axırda buna həcəmət lazım ola. Yenə Kitay tərəfindən rahatsızlıq xəbərləri bir ucdan gəlməkdədir; yenə kitaylılar bizə deyirlər: “gəl savaşaq”. Və yenə şura zəhmətkeşləri səbir etməkdədirlər. Çünki savaşmaq pis şeydir, çünki vuruşmanın ağırlığını əvvəl-axır zəhmətkeşlər çəkəcək (istər Kitay zəhmətkeşləri, istər şura zəhmətkeşləri). Və məhz bu səbəbdən də Şuralar İttifaqı müharibə məsələlərində böyük səbir və dayanmaqlıq göstərir və göstərəcəkdir də. Ancaq Kitay da öz qəmişini çəksə pis olmaz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 oktyabr 1929, №43 * * * Başını piyliyim Azərbaycanın çox yerlərində bir belə söyüş var: “Başını piyliyim”. Nədir bunun mənası? Baş – məlumdur, bədənin yuxarı hissəsidir. Piy – bu da bədənin yağıdır. Həmin piyi əridib yeyərlər və bir para şeylərə sürtərlər ki, yumşaq olsun və zıvıldaq olsun. Bəs, başı piyləməyin nədir mənası və başı nədən ötrü piyliyirlər? Məsələn, bir adam o biri adamı söyəndə deyir: başını piyliyim, ay ərdəbilli Mirzə Ələkbər axund! Məsələn, Yunanıstanda indi bu saat şiddətli taun azarı var. Keşişlər küçələrə müsəllaya çıxırlar və əllərində Məryəmin şəklini gəzdirirlər ki, taundan camaat xilas olsun. Bu yerdə deyərlər ki, başını piyliyim, a belə keşişlər! Məsələn, Azərbaycan kəndlərində müsəlman qızlarının dərsə ağır getməklərinə ümdə səbəb bir para şura sədrlərinin avamlığı və şəriətpərəstliyidir. Bu yerdə də deyirlər: başını piyliyim, a belə şura sədri! Mənim oxuculardan bir iltimasım var: ərdəbilli Mirzə Ələkbər ağanı, yunan keşişlərini və dindar kənd şura sədrlərini birisi söymək istəyəndə deyir: başını piyliyim. Aya, nədir bunun mənası? Çünki məlumdur ki, hər bir şey piylənəndə zıvıldaq olar, görəsən, bu cənabların başlarını piyləməkdə camaatın məqsədi nədir? Bu məsələyə cavab gözləyəcəyəm. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 24 oktyabr 1929, №43 * * * Namaz qılan və tramvay çəkən Birisi gedib zəhmət çəkib namaz qılmaq öyrənib; birisi də gedib zəhmət çəkib tramvay elmini öyrənib. Bu söhbəti ondan ötəri açdım ki, bir dəstə binamaz şura mühəndisləri bu günlərdə Bakının Dağ məhəlləsinə tramvay çəkib qurtardılar. İndi qəbir üstə gedən mömin müsəlmanlar cümə axşamları rahatca tramvaya əyləşib qəbiristana tərəf yollanırlar ki, ölülərinin qəbrinin üstə “yüsəbbeh” oxusunlar. İndi mənə bir belə məsələ ariz olub ki, aya, namaz qılmaq və tramvay işini bilmək – bunların hansı əfzəldir? Əgər desək ki, tramvay elmi bir qəpiyə dəyməz – onda bəs, biz niyə tramvaya minib əhli-qübur ziyarətinə gedirik? Əgər desək ki, tramvay elmi namaz “elmindən” (nəüzübillah) çətindir və lüzumludur, onda (aman Allah!) Fazili-Dərbəndi həpəndə nə cavab verərik?! Hələ bunu da demirəm. Sözümün əsil mənası aşağıdadır. Dağlı məhəlləsinə çəkilən tramvayı quranların hamısı binamaz mühəndislərdir ki, binamazlıqları səbəbindən Allah-taala onları heç dost tutmaz. Bir tərəfdən də həmin tramvay Dağlı məhəlləsinə böyük abadanlıq və mənfəət verir və dağlıların tərəqqisinə səbəb olur. Mən indi bunu istəyirəm başa düşəm ki, aya, əgər doğrudan da Allah varsa və bu işləri görürsə, bəs nə deyir? Bəs niyə bu qədər fazil və mömin və müqəddəs molla və mərsiyəxanı, müəzzin və əməleyimövtanı binamaz xarici tramvay mühəndislərinə möhtac eləyir? Mən bunu bilmək istərdim. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 oktyabr 1929, №44 * * * Vəhdaniyyət Üsuliddinin birincisi – vəhdaniyyətə qane olmaqdır; yəni – Allah birdir, iki deyil. Dəlili-əqli–filan. Dəlili-nəqli–filan və filan. Və lakin bu söhbətlərin hamısı Oktyabr inqilabı nəticəsində qoydu getdi işinə; zira bir surətdə ki, biz Allahın özünü inkar edirik, dəxi burada tövhid də gedir işinə, qeyriləri də gedir işinə. Həmçinin istehsalat işləri sahəsində: qabaqlarda tək bircə direktor var idi–vəssəlam; nə yaçeyka, nə zavkom. Yəni, nə özək və nə zavod komitəsi. Onunçun də direktor cənabları hakimi-mütləq idilər. Bas, kəs, günahsız işçiləri qov, günahkarları birinci dərəcəyə çıxart və tək bir sahibkarlardan savayı heç bir kəsə cavab verməli deyilsən. Onunçün də bir paraları böyük qəflətdədirlər; hansıları ki, güman edirlər ki, firqənin mərkəzi komitəsi qərara aldığı təkbaşçılıq məsələsi istehsalat işlərində yenə köhnə direktorların “ağalığını” yada sala biləcəkdir; çünki təzə qərardad zavod və fabrik direktorlarını özək və komitənin məsləhətindən büsbütün azad eləmir; biləks, həmişəki kimi, axırıncıların yoldaşcasına məsləhətini direktorlar və müdirlərə ən lüzumlu hesab edir. Necə ki, etiqad aləmindən vahid Allahlar dəxi getdi işinə, – habelə istehsalat işlərində də vahid müdir cənabları və qolçomaq direktorlar, – habelə dəxi qayıda bilməyəcəklər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 31 oktyabr 1929, №44 * * * Oktyabr kimin bayramıdır? Oktyabr kimə bayramdır, kimə yas? Cəmi zəhmətkeşlər Oktyabrı bayram saxlayanda iki qism insanlar yas saxlayır. Kimdir yas saxlayanlar? Tacir və mülkədarlar. Səbəbi? Səbəbi budur: ticarət əldən getdi, asan vəchlə sadədil əhalidən nəhayət dövlət qazanmaq əldən getdi, xalqın pulu ilə çəhardəh məsum ziyarətinə müşərrəf olmaq əldən getdi və dörd arvad nigah və hədsiz arvad siğə eləmək əldən getdi. Mülkədar üçün: muzdur əlilə dünyanın naz-neməti içində yaşamaq əldən getdi. Molla və mərsiyəxanlar üçün: müftəcə yağlı yemək və dünyada hər cür zəhmətdən bixəbər olmaq – bunlar hamısı əldən getdi. Bu zəliləri çıxandan sonra, Oktyabr cəmi zəhmətkeşlərin bayramıdır. Səbəb budur ki, indi dəxi onların qanını soran zalım sərvətdar təşrif aparıbdırlar. İndi dəxi zəhmətkeşlər özləri azad bir sahibkarlardır. Axır Oktyabrı bayram saxlayan – bir nəfər də var: o da bizim qoca Molla əmidir. Bu da Oktyabrı o səbəbə bayram saxlayır ki, Oktyabrın dövlətindən dəxi molla və mərsiyəxanlar işdən düşüblər, seyid və dərvişlər işdən düşüblər, cin tutan, fala baxan, rəml atan və tas quran işdən düşüblər. Onunçün, qoca Molla əmi də işçilərə əl verib deyir: – Xoş qədəm olsun on iki yaşındakı Oktyabr! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 noyabr 1929, №45 * * * Yaponiya və biz “Vışka” qəzeti 11 noyabr nömrəsində yazır ki, Yaponiyada paravozun təmiri 6 gün çəkdiyi yerdə bizlərdə haman paravozun təmiri 30 gündən 80 günə kimi çəkir. Buradan mən bir müşabihə götürürəm, bir dindar adamı və bir də dinlə işi olmayan Allah bəndəsini. Bu iki adama iş tapşırsan flan vaxta hərəsi öz işini qurtarsın. Əlbət ki, ikincisi işini qabaqkından tez qurtaracaq: səbəbi budur ki, işin şirin yerində qabaqkı dindar yoldaş cibindən saatını çıxarıb deyəcək: bəh, namazımın vaxtı keçdi. Bu müşabihəni mən burada o səbəbə göstərdim ki, bizim dəmir yol təmirxana işçiləri namazçıdırlar, amma Yaponiya işçiləri namaz və niyazla işləri yoxdur. Bu münasibətlə Lenin yoldaşın bir tarixi sözü yadıma düşdü: “Bizlərdə çox danışmaq adət olubdur. Və halon ki, çox danışmaqdansa – çox iş görmək lazımdır”. Yenə qəzetin haman nömrəsində yazır ki, Şura hökuməti qadınları təzə yaşayış yaratmağa hazır edə-edə onları təzə yaşayışı mühafizə etməyə də hazırlayır. Bu halı Bərdə qadınlar təşkilatı müdirəsi diqqətə almalıdır; tək bir üzüaçıq gəzmək kifayət deyil, lazımdır qara camaata öz rəftarlarınla göstərmək ki, üzüaçıq gəzən qadın Şura hökumətində hər növ təərrüzdən və sataşıb dolaşmadan təmindir. Onunçün də Bərdə Kənd Şurası Dadaş Məcid oğlunun bir bərdəli gəlinin namusuna təcavüz etməsi, indiyədək Bərdə işçi-qadınlarını rahat buraxmayaydı və müqəssirə görkəmli divan tutulaydı, bir surətdə ki, idarəmizə çatan səhih məlumata görə qadınlar təşkilatı üzvlərinin tamamının bu cinayətdən xəbərdardırlar. Bir də deyirlər ki, bir para bizim yazıçıların, şairlərimizin İstambulda müsavatçıların kitabına yazıları dərc olunub və bunlar şagird kitabçalarında üç rəngli bayraqdan təhəssüratını qeyd edirlər. Əgər bir belə şey həqiqətdə varsa, bu adamların başına soyuq dəyibdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 noyabr 1929, №46 * * * Köhnə sözlər Yazmaq lazım gələndə hər bir yazıçı təzə söz axtarır ki, yazsın. Amma təzə söz tapılmayanda köhnə sözləri yazmağa məcbur olur. Köhnə sözlərin biri Bakı küçələrinin zibilli olmağıdır. Doğrudur, Şəhər idarəsi bir həftə bundan əvvəl bir belə qərar çıxartdı ki, küçələri təmizləmək lazımdır, amma haman qərarı mətbəədə çap edəndə zalım oğlu mürəttib səhvən “təmizləmək” yerinə “təmizləməmək” yazmışdı. Onunçün də ev sahibləri elə güman ediblər ki, Şəhər idarəsi küçələrin zibilli qalmağını xoşlayır və halon ki, belə deyil. Xalq çox vaxt bir işdən narazı olub şikayətlənir, ancaq çox vaxt özü də bilmir ki, nədən şikayətlənir. Məsələn, gecələr droğ arabaları saat üçdən başlamış gurultu və nəriltiylə keçib xalqı yuxudan sərasimə oyadır və qoymur yatsın, amma camaat bunu başa düşmür, Şəhər idarəsinin buna yol verməyi o səbəbdəndir ki, xalq bir az huşyar və sayıq yatsın: məlum işdir ki, küçələrin hər küncündən sənin pəncərəvə bir oyaq göz baxır ki, görsün sən yatmısanmı? Doğrudur, bədən tərbiyəsində sağa və solda əyilmək həmişə lazım gəlir, amma, əzizim, bircə şərti unutmamalı: sağa (yaxud sola tərəf) əyiləndə atalar sözünü yadına sal ki, deyərmişlər: “əyilmə, quyuya düşərsən”. Köhnə sözlərin biri də “məşhur papaq” söhbətidir: bir ovqat bu barədə çox danışıldı və deyəsən yaddan çıxdı, getdi və Bakı küçələrinin zibili kimi yenə ha papaqdır ki, hər bir müəllim şura xidmətçisinin başında görürsən. Amma burada bir məzəli fəqərə yadıma düşdü. Bu günlərdə Mərkəzi İcraiyyə komitəsinə şikayətə gələn Naxçıvan kəndlilərinin biri şikayət edirmiş ki, Naxçıvan hökuməti məcburən onun başına “kepka” qoydurubdur. Söz yox ki, Mərkəzi İcraiyyə komitəsi sədri yoldaş cavab verib ki, kəndliləri papaq qoymamağa məcbur etmək böyük səhvdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 21 noyabr 1929, №47 * * * Müsəlmançılıq Nəinki bircə dağlıq yerlərdə, hətta aran yerlərdə də kənd camaatının çoxu yer altında qazmalarda yaşayır. Mən ki, deyirəm yaşayır, əlbəttə ki, bu bir səhv sözdür; yaşamaq deyil, ölümə müntəzir olmaqdır. Min illərcə əhalinin qolçomaq sinifləri–xanlar və hökmranlar kənd əhalisini korşuda-korşuda insanlıqdan çıxarıb, yerin altına pənah aparmağa məcbur qılıblar. Bir tərəfdən də hökmdarların quyruğu və qapıçısı hesab olunan kənd mollaları avama təsəlli veriblər ki, bu dünyada şən və şöhrət, rahatçılıq müsəlman bəndəsinə yaraşan deyil; müsəlmana yaraşan–zillət, zəhmət və bu beş günlük dünyada daldada və bucaqda, yer altında olmuş olsa, kənar və guşədə Allahı dua və səna ilə yada salmaqdır. Amma özləri? Xanların, bəylərin və mollaların öz imarətlərini hamı görübdur: kəndin içində ali tikililər, söz yox, xanların və mülkədarların olubdur. Çox yerdə qazı və axundlar bunlardan geri qalmayıblar. Ancaq kəndlilər darma və qazmalarda güzəran ediblər. Kəndlilər ancaq şura zamanı yada düşdü; ancaq bu zaman onların insan olmaqları təsdiq olundu. Yoldaş M. Əfəndiyevin yuxarıdakı məqaləsi sözlərimizə bir dəlildir. Bu yoldaş deyir: kəndliləri Şura hökuməti yerin altından çıxaracaq. Biz də belə görürük ki, Azərbaycanın şuralaşmağının on illiyi yer altında yaşayan kəndlilərin qaranlıqdan çıxıb, günün üzünü görmələrinə böyük və şanlı yadigar olacaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 28 noyabr 1929, №48 * * * Dünya və axirət Dünya və axirət məsələsi bu biçarə mömin müsəlmanları lap çaşdırıbdır. Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan. Bir tərəfdən baxıb görürsən ki, bu gün sabah ölüb, gedəcəksən. Bəs necə olsun? Hara gedəcəksən və öləndən sonra qəbir evində başıva nə iş gələcəkdir. Məgər Nəkir-Münkir yalandır? Məgər o zalım oğlanlarının sual-cavablarından qurtara biləcəksən? Bu tərəfdən də dünyanın işlərinə baxanda görürsən ki, dünyasız da dolanmaq mümkün olmur. Məsələn: Görürsən ki, istəyirsən ki, yerdən durub dəstamaz alasan, bir də görürsən ki, qocalıqdan belin və ya qıçın quruyub və ya başın gicəlləndi, məcbur olursan filan professorun yanına gedəsən və onların murdar dərmanlarını içəsən. Xülasəyi-kəlam insan bimir hansının dalınca getsin: dunyanınmı, axirətinmi? Mollanınmı, professorunmu? Məscidəmi gedəsən, darülfununamı gedəsən? Namazmı qılasan, fənni kitabmı oxuyasan? Xülasə biz mömin bəndələrin işi çox xarabdır. Hamıdan çətin iş budur ki, bi iki aləmin hər ikisi mənim üçün lazımdır. Nə dünyasız ötüşə bilərəm, nə axirəti tullaya bilərəm. Əgər dünyanı tullasam, bəs, bu gözəl dünyanın nemətlərindən mən nə səbəbə məhrum olum? Və tibb elmini feyzlərindən nə səbəbə istifadə etməyib? Nə üçün diri-diri gözüm baxa-baxa haziq xaçpərəst həkimdən dərman qəbul etməyim ki, o binamus du. Onun fərmayişinə niyə əməl etməyim? Bu surətdə ki, mənə yaşamaq lazımdır. Bəs, dədə Molla Ruhullanın duası necə olsun? Bəs, Mollanın istixarəsi necə olsun? Bəs, Kərbəla ziyarətinə müşərrəf olmaq necə olsun? Məgər bunlar yalandı? Bəs, cənnət-cəhənnəm, Huri-qılman, bunlar necə olsun. Bunların hansı həqdir? Darvinmi, müctəhidmi? Təbibmi, duanəbismi? Mühəndismi, cadugərmi? Xülasə, lap çaşmışam. Dəli “Molla Nəsrəddin”, 28 noyabr 1929, №48 * * * Mövludi-isa Bu günlərdə Həmkarlar İttifaqının Mərkəzi Şurasından bir belə təklifnamə işçilər arasında nəşr olunmuşdu ki, bu il heç bir işçi İsanın mövluduna mütəvəcceh olub, bayram saxlamasın və işdən tətil etməsin. Mən, Molla Nəsrəddin deyə bilərəm ki, Həmkarlar İttifaqının Mərkəzi Şurası tərəfindən indiyədək nə qədər təklifnamələr nəşr olunub, onların heç birisi bu qədər çətin olmayıb, nə qədər ki, İsanın mövlud bayramı çətin bir məsələdir. Məsələnin çətinliyi buradadır ki, əlbəttə əsl, həqiqi zəhmətkeş işçi üçün bu təklifə əməl etmək heç bir çətin iş deyil. Çünki zəhmətkeş üçün onsuz da dini bayramları saxlamağa heç bir ehtiyac və lüzum yoxdur. Ancaq məsələnin çətinliyi dindar isəvi yoldaşlar üçündür. Dini mövhumat dindar xalq üçün elə bir tiryəkdir ki, ona adətkərdə olanlar “Tərki-adət!”ə düçar olanda bə-istilahi-fars demişkən bəmövcibi-mərəzə düçar olurlar. Amma indi gələk isəvi yoldaşlara. Axır bunların bayram saxlamağı bambaşqadır. Atam-anam qurban olsun o üzüm suyunu yaradana! Onsuz isəvi dindar vətəndaşların bir günü olmasın. Yəni vaqiən bu nə sözdür ki, İsa həzrətlərinin mövlud bayramını dindar isəvi yoldaş bayram saxlamasın? Əgər bayram saxlamadı, bəs, onda nə bəhanə ilə keflənsin və keflənib arvadını bigünah yerə döysün, söysün? Məlumdur ki, bu dini bayramlar məhz belə şeylərə yaraşır. Və bu da məlumdur ki, isəvi tayfalarının təki ki, zəhmətkeş işçiləri keşişlərin dediklərinə aldanmayıb, İsanın mövlud bayramı söhbətlərini bu qulaqlarından alıb, o qulaqlarından çıxardalar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 dekabr 1929, №50 * * * Molla əminin təklifi Bu təklifi məndən qabaq cavan yoldaşlar ortalığa qoya bilərdilər və gərək də qoyaydılar. Söhbət xaçpərəst və islam tarixləri barəsindədir. Bəs, nə vaxta kimi? Məgər bəs deyil? Məgər 1930 il bəs deyil? Məgər 1348 il bəs deyil? Və nə qədər, nə vaxtadək İsanı yada salacağıq? Və nə vaxta qədər Məhəmmədi yada salacağıq? Doğrusu, peyğəmbər həzrətlərinin hörməti hələ bizim içimizdə baqidir. Hazır – bu da sübutumuz: indi köhnə il keçdi, təzə il gəldi. Dünən 1929, bu gün 1930. Nədir bunun mənası? Bunun mənası budur ki, dünən İsa peyğəmbərin meracından 1929 il keçirdi, bu gün 1930 il keçir (Cəhənnəmə keçir, gora keçir!). Habelə islam tarixi. İslam tarixi hardan başlanır? Məhəmməd peyğəmbərin hicrətindən. Bu gün 1348 ildir, sabah 1349 il olacaq (axır, mənə nə ki olacaq?). Xülasə... nəticəyə gələk. Sözün düzu, peyğəmbərlərin dalınca getmək və o tarixlərə tabe olmaq biz şura əsrinin insanları üçün ayıbdır. Bəs, nə edək? Büsbutünə tullamaq, köhnə tarixlərin üstünə qırmızı qələm çəkmək. Sonra? Sonra neyləmək? Sonra onu eləmək ki, köhnə çürük və əsassız tarixlərin yerini elə bir tarixlə doldurmaq ki, küreyi-ərzdə yaşayan cəmi insanlar nəzərində o tarixin böyük bir hörməti olsun. O da ibarətdir böyük və əzəmətli Oktyabr inqilabından. Yoxsa İsa və Məhəmməd, doğrudan-doğruya kilsə və məscid yaraşığıdırlar və kilsədən və məsciddən də onları çıxartmaq lazım deyil. Nə qədər kilsə və məscidlər yaşayırlar, qoy onlar da yaşasınlar. Ancaq o qədər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, yanvar 1930, №1 * * * Va şəriəta, yaxud ingilis politikası Əgər durub düzünü danışsaq, ingilis politikasının şəriətə nə dəxli var? Amma işin əsli binövrəsinə baxsaq, ingilis politikasının tən yarı hissəsi islam şəriətindən material almaqdadır. Hal-hazırda yavuqdakı işlərdən danışaq. Yenə keçən günləri ingilis qəzetləri göz yaşı tökürdülər. İngilis qəzetləri dad-fəryad edirlər ki, ax-vay, şəriət əldən getdi, kilsə əldən getdi, din və iman əldən getdi. İngilis qəzetləri milyonlarca nadan Şərq rəiyyətlərinin dini mütəəssibliyinə pənah aparıb özünü tülkü kimi abid və dinpərəstlik cildinə salıb deyir: “Baxın, ay Allah bəndələri, görün bu Şuralar necə dinin və etiqadın kökünü kəsmək istəyirlər”. Va şəriəta! Va şəriəta! İngilis hökumətinin bundan savayı dəxi özgə əlacı qalmayıbdır. Dəxi biçarə bundan başqa nə desin? Desin ki, şuraçılar bəy və xanları, sərmayədar və mülkədarları işdən çıxarıb biçiz elədilər, – bunun nə təsiri ola bilər? Bu iş zəhmətkeşlərin öz binagüzarlığıdır. Dəxi bəs neyləsinlər? İndi də gəl din və məzhəb söhbətini ortalığa salaq; bəlkə bu söz avama kar eləyə; bəlkə bu söz bir nəticə bağışlaya. Va şəriəta! Ancaq ingilis qəzetləri bir nöqtəni bilmərrə unudurlar. Unudurlar ki, keşiş və mollalar şura zəhmətkeşlərinin gözünün qabağındadırlar. Bu söylədiyimiz dini ataların mahiyyəti və vücudu göz qabağındadır; onların əfal və kirdarı – habelə. Şura zəhmətkeşləri öz gözlərilə görə bildilər ki, nə bu saydığımız ruhani rəhbərlərimizin öz şəxslərində, nə bunlar tutduqları yolun içində ikiüzlülük və saxtakarlıqdan savayı heç bir mətləb yoxdur. Və bu səbəbdən saydıqlarımız lüzumsuz vücudları və onların məbədgahlarını zəhmətkeşlər özləri qana-qana hörmətdən və nəzərdən salmağa başladılar. Va şəriəta! Va şəriəta! Ay sən öləsən! Dəxi keçmiş ola! Dəxi avamı aldatmaq olmayacaqdır. Çünki gözlər dəxi açılıbdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, yanvar 1930, №2 * * * Bəlkə də səhv edirəm, qoy desinlər! Qocalmışam, bəlkə də gözlərim yaxşı görməyir. Ola bilər ki, səhv edirəm. Qoy “Çorni və beli qorod” işçiləri cavab versinlər! * * * Əhvalat belə idi: Üç gün qabaq yolum “Çorni qoroda” düşmüşdü. 4 nömrəli tramvaya oturacaq idim. Vaqzalda tramvay dayanan yerdə böyük, qaranlıq və çox natəmiz və üfunətli bir ala qapı vardır. Fabrik –zavod rayonlarına gedən işçilər oranı çox yaxşı tanıyırlar. Axşamlar o qapının içində çox böyük həngamələr törənir. Gəlib-gedənlər burada yığılıb çox maraqlı mənzərələrə tamaşa edirlər. Görürsən ki, bir dəstə batsanlar buraya yığışıb, vodka vururlar və keflənib toy qururlar. Hərdən bir bəzi əxlaqsız arvadlar da bu qaranlıq yerdə toplanıb min cürə pisliklər əmələ gətirirlər. Bu cəhətdən də buranın natəmizliyi, üfunəti və bir əxlaqsız yuvası olması bu rayonda hər kəsə məşhurdur. Qaranlıq qovuşmuşdu. Tramvayı gözləyənlər çox idi. Ala qapıda həmişəki kimi izdiham var idi. Xüsusən, bir neçə sərxoş qadınların söyüşmələri adamların nəzərini cəlb etmişdi. Mən də qapıya yavuqlaşdım. Bir qara şey qapının ağzında yumrulanmışdı. Sərxoşlardan birisini hesab etdim. Gördüm ki, sərxoş deyil. Yekə başlı bir adamdır. Yaxınlaşdım, üzünə baxdım, qara saqqallı, enli qaşları, qırmızı yanaqlı, təsirli baxışı mənə tanış göründü. Gördüm ki, başında böyük əmmaməsi vardır. Boynunda dəvə yunu şərfi vardır, çiynində Xorasan əbası, əlində yüsür təsbehi, belində şal qurşağı... Bu cənab Hacı Miribrahim ağa imiş. Xəyanəti üzə çıxmış bir adam kimi üzünü camaatdan gizlətmişdi. Üzünü örtmüşdü. Ala qapıda gizlənmişdi. Hazırlanıb xəbərsiz toyuq-cücə dəstəsinin üzərinə atılacaq bir tülkü kimi pusquda durmuşdu. Və ya ki, aranı xəlvət edib, sadədil adamların ciblərinə girməyə hazırlanan bir oğru kimi özünü kənara çəkmişdi. Və ya ki, böyük süfrədən atılacaq sür-sümüyü yığışdırmağa quyruğunu altına yığdırmış çaqqal kimi xəlvətə çəkilmişdir. Və ya ki, daha doğrusu gözüaçıq düşüncəli işçilərimizin az bir səhlənkarlıqlarından istifadə edərək, son dəfə iranlı işçilərinin ciblərini soymağa fabrika-zavod rayonunda gedən bir həyasız, şarlatan və cibgir kimi bu mərsiyəxan tramvayı gözləyirdi. Qocalmışam. Bəlkə də çox şeyləri zahirdən görüb, işin batinini bilməzdən ona qiymət vermişəm. Ola bilər ki, ağa Miribrahim ağa fabrika-zavod rayonunda Mərsiyəxanlığa getməyib, mövhumat toxumunu işçilər arasında yaymağa çalışmır. Orucluq münasibətilə otuz gecə işçiləri min cürə yalan və quraşdırmalarla aldadıb, onların zəhmət ilə qazandıqları pullarını qarət etməyə səy etmir. Bəlkə də.. İstərdim ki, mən böyük səhv etmiş olaydım. İstərdim ki, fabrika-zavod fəhlələri, xüsusən iranlı qardaşlarım mənim bu barədə böyük səhv etdiyimi tezliklə mənə xəbər vermiş olsunlar. İstərdim ki, ən qısa bir müddətdə fabrika-zavod rayonundakı bütün türk işçiləri hərə öz qrupunda, öz təşkilatları vasitəsilə, bəlkə də rəhbərliyi ilə ümumi bir etiraznamə yazıb, öz imzaları ilə möhkəmlədib mənə və bütün Bakı proletarlarına məlum etsinlər ki, bütün fabrika-zavod dairəsində heç bir təziyədarlıq məclisi yoxdur. Molla və mərsiyəxanlar bu rayondan qovulmuşlar. O vaxt mən deyirəm ki, mən hələ cavanam, qocalmamışam. Ən gənc və daşqın vaxtım hələ bu gündən başlanır. Çünki bu mənim ən birinci və çoxdankı arzumdur. “Molla Nəsrəddin”, fevral 1930, №6 * * * İngilis hökuməti və din söhbətləri Bircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox? Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz. Əgər onlar dindar deyillərsə, onda bu nə mərəkədir ki, onlar qoparmaqdadırlar? İngilis hökuməti “va şəriəta!” çığırır. İngilis hökuməti İsa və Məryəmin ruhuna xitab edir və deyir: ey dad-bidad! Şuralar İttifaqı kilsələri yıxır, ibadətə mane olur, dinləri aradan qaldırmaq istəyir. Nədir burada hərifin məqsədi? Onun məqsədi avamın rəğbətini ələ gətirməkdir; bilir ki, avam onun (İngilis hökumətinin) sözünə inanacaqdır. Çünki onun ikiuzlülüyünü duymayacaqdır; ondan ötrü duymayacaqdır ki, avam həmişə sadədil olar, avam həmişə fırıldağa inanan olar. Vaqeən həyasızlıq nə dərəcədə? Mən oturaram öz məmləkətimdə (İngiltərə); istərəm ibadət edərəm, istərəm şeytənət edərəm, özgə hökumətlərə dəxli yoxdur. Amma lazım bilsəm və hansı bir hökumətə sataşmaq istəsəm, ortalığa bir söz ataram ki, filankəs namaz qılmır, oruc tutmur. Balam, sənə nə? Sən dindar olursan ol; qoy axirət füyuzatı sənin olsun, qoy cənnət sənin olsun. Mən dini də istəmirəm, cənnəti də istəmirəm. Balam, nə istəyirsən? Xülasə, xəyali-xamdır; biz şuraçıları geri çöndərə bilməyəçəksən; ondan ötəri ki, lotu keşişləri və lotu mollaları Şura işçiləri yaxşıca tanıyırlar; elə tanımayıblar ki, onların toruna düşə bilələr. Yəqin ki, dəxi düşməyəcəklər. Molla Nəsrəddin “Molla Nəsrəddin”, fevral 1930, №7 * * * Torpaq Oxucularımıza məlumdur ki, bir neçə ay bundan qabaq Şamxor tərəfindən Bitdili kəndində böyük bir möcüz üz vermişdi, belə ki, tez bir vaxtda Bitdili ziyarətgahı islam aləmində ən şöhrətli ziyarətgahlardan geri qalmırdı. Həmin ziyarətgahın qızğın vaxtında idarəmizə çox yerlərdən kağızlar gəlirdi və bu kağızlarda bizdən sual edirdilər ki, aya, bu nədir, nə mərəkədir? Bunu yaradan kimdir və indiki əsrdə belə bir cəlallı ziyarətgahın meydana çıxmasına səbəb nə olubdur? O məktubların birisində bizdən soruşurdular ki, kimdir burada müqəssir? Və vardımı müqəssir? Varsa kimdir? Yoxsa nə səbəbə müqəssiri axtarırlar? Filan və filan... Biz o vaxt məktubların heç birinə cavab vermədik; verməməyimizin səbəbi budur ki, o vaxt fikirlər qarışmışdı bir-birinə, ağız deyəni qulaq eşitmirdi; heç kəs heç kəsi tanımırdı. Axırda da elə oldu ki, dəxi az qalmışdı qiyamət qiyam eləsin və İsrafil düdüyünü istəyirdi yuxarı qalxızıb çalsın. Burada Şura hökuməti tərəfindən nümayəndələr göndərildi və oradakı əhaliyə deyildi: – Ay Allahın mömin bəndələri! Heç görübsünüz daş yeriyə? Axirül-əmr çamaat öz səhvini düşündü, ara sakit oldu və hər kəs getdi işinə. İndi burada yazdığımız bu bir neçə sətir qoy hamı məktub sahiblərinə cavab olsun, ta heç kəs deməsin ki, Molla Nəsrəddin kağızlara cavab vermir və əhəmiyyətli suallara səhlənkarlıqla baxır, kağız sahiblərini intizarda buraxır. Biz deyirik: bu işlərin hamısı torpağın xasiyyətindən əmələ gəlir. Çox filosoflar deyiblər ki, hər torpaq bir cür məhsul verər; torpaq var ki, çör-çöp göyərdir, torpaq var ki, qızıl gül göyərdir. * * * Şamxor məmləkətinə gəldikdə buranın torpağına gərək diqqət edək və bu torpaqdan bir az nümunə götürək və çoğrafi, tarixi laboratoriyada o torpağın təhlilinə məşğul olaq görək bizim bu analizimiz nəyi göstərir və nə nəticə verir, o vədə görəcəyiz ki, Şamxor torpağı, Xorasan torpağı və Ətəbati-aliyat torpağı və “əshabi-kəhf” torpağı – bu dörd qism torpaqlar bir mənbədəndirlər. Bu torpaqların xasiyyəti budur ki, buraları nə ək, nə sula, axırda görəcəksən ki, buradan hasil olan bitkilər ibarətdir bundan: Allah, peyğəmbər, imam, muctəhid, şeyx, İmam Cümə, təharət, izaləyi-nəcasət, şəkkiyat, nəzir, səbir, cadu, rəml, təbiri-xab, möcüz, meyit namazı, cənazəni ziyarətgahlara göndərmək, qüsl, üsuliddin, füruiddin, təvəlla, təbərra və min cürə və milyon cürə fırıldaq və müzəxrəfat, biclik, təzvir, molla, mərsiyəxan, əməleyi-mövta, hacı, kəlbayı, məşədi, ilan və qurbağa... Şura hökuməti nahaq yerə təşvişə düşür ki, onun əsrində Şamxor mahalında Bitdili fırıldağı baş verir. Bunun illəti torpağın xasiyyətindədir. Əlbəttə, bir vaxt olar ki, tərbiyə və təlim nəticəsində cəmi bu cür zəhərli torpaqların xasiyyəti dəyişilib bizə əlverişli məhsullar verə bilər; ancaq bunun üçün mürur-dühur lazımdır, beş-on ilin müddətində əmələ gələn iş deyil. Mürür-dühür lazımdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, iyul 1930, №24 * * * Bakı kəndlərində Güzdək-Məktəb çocuqları 100% məktəblərə dolub, hər bir ehtiyacdan təmin olunacaqlar. Gala-Maştağa dairə maarif şöbəsində bu xüsusda lazımi tədbirlər görmək üçün qərar çıxarmaq istəmişlər. Xırdalan-şəxsi-qərəzlik tək bircə iş başında olanlarda olmayıb, hətta camaatın bir çoxusu müxtəlif qruplara bölünmüşlər. Ancaq qrup başında duran kəndin mötəbər və aktiv işçilərindəndirlər. “Nəslini itirən haramzadadır” demişlər. Masazır-Quşbazlıq götürülübsə də, xoruz və it əlləşdirmək davam edir. Doğan quş acıq edib getmək istəmirsə də, kəndin qırmızı saqqal kişiləri və dul arvadları bir təhər yalvar-yaxar saxlamışlar. Bu il 14 yumru bala doğmuşdur. Noxanı- Dünya maştabında Noxanı kəndi ağıllı-başlı kənd olmuşdur. Keçmişlərdə bir az “Dəlisov” gənclər varmışsa da, indi hamısı işi ilə məşğuldurlar. Hətta belə gənclər vardır ki, başı qumara qarışdığından gecələr də evlərinə gələ bilməyir. Duz oğruları azalmağa başlamışdır. Sahibsiz bağ evlərindən oğurlanan qapı-pəncərələr hələlik bağlarda qum altında saxlanır. Bu il qış bərk olarsa, tədricən kəndə gətiriləcəkdir. Hər tərəfdə asayiş bərpadır. Göradil-Mədəni maarif işləri olduqca kafidir. Klubun yeddi qapısı, 30 pəncərəsi vardır. Sobalar ifrat dərəcədə yandığından klubda nəfəs çəkmək mümkün deyildir. İntizamına gəldikdə orasını soruşma. “Milçək belə sızıldamayır”. Hər gün yeni tamaşalar görsədilir. Üzvlük paraları 100% toplanmışdır. Bu günlərdə yaxşı əsərlərdən “Kimdi riçalı” pyesi oynanılacaqdır. Fatmayı-Sahibsiz bağların tənəklərini qırmaq üçün indidən hazırlıq aparılmaqdadır. Ağacları da kökündən çıxarıb yandırmaq söhbəti vardır. Binəqədi-Orucluq üçün tək-tək mömin qardaşlar hazırlıq aparırlar. Bu il hər ilə nisbətən orucluq ayı çox hörmət ilə qarşılanacaqdır. Xocahəsən – Bu kənd bu vaxta kimi kənd şurası sədri qəbul etmədiyi kimi, kənd şura sədrləri də bu kəndi qəbul etməyiblər. Qonşu kəndlərə təhkim olunan bu kənd neçə ildir ki, “Öz müstəqil” qanunu altında yaşayır. Burada hər kəs nə bilirsə edər. Adamları dəli olmadığı kimi, ağıllı da deyildilər. Atışmanın arası kəsilib, ancaq küçə mücadilələri hər gün davam etməkdədir. Qarabala “Molla Nəsrəddin”, №1, yanvar 1931 * * * Xırda xəbərlər Bərdə – “Qoyunbinə” kənd şurası sədrinin fəaliyyəti sayəsində kənddə olan məktəb və gecə kursları şagird və müdavimlərlə “dopdolu”-dur. Məktəbdən və kursdan qaçan eləyən yoxdur. Naxçıvan – Zəhmət məktəbinin halı çox gözəldir. Paltar tərəfindən təmin olunduqları kimi, qaşıq olmadığından uşaqlar şorbanı da boşqablardan içirlər. Gəncə – “Sosializm” adına olan kooperativdə qənaəti qənaətə salmışlar. Hər cəhətdən izafə xərc birə iki artırılmışdır. Dəliməmmədli – Buradakı traktor stansiyasında olan guşədə savadsızlar üçün kurs açılmışdır. Ancaq guşədə savad öyrənən işçilər orada qızlarla domino oynayıb həzz alan mestkom Atakişiyevin kefinə mane olduqlarından Atakişiyev guşənin qapısını bağlayıb, işçiləri bayıra salmışdır. Qazax – 3 il bundan qabaq kəndə dəyirman tikib və kənddə elektrik işığı düzəltmək məqsədi ilə “Qıraq Kəsəmən” camaatı tərəfindən yığılıb, kənd firqə özək katibi Qəhrəman İsgəndər oğluna əmanət tapşırılmış 14 min manatdan nə dəyirman və nə işıqdan hələ də bir xəbər yoxdur. Kəndlilər yol gözləməkdədirlər. Şuşa – Şirvan kənd məktəbinin pilləkanı olmadığından uşaqlar məktəbə daxil olmaq üçün məktəbin qapısı ilə yer arasında bir gil körpü çəkilmişdir. “Molla Nəsrəddin”, yanvar 1931, №1 * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-felyetonlar-1917-1931 İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.