Hekayələr Cəlil Məmmədquluzadə (1869–1932) Poçt qutusu Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı: “Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz! Sənin xeyirxahın Vəli-xan. Fi 12 noyabr”. Xan kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta; amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi “İtqapan” kəndinin əhli Noruzəlidi. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi: – A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən? Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi: – Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam… Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə… çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin Noruzəli aparıb salsın poçta. Xan üzünü tutdu qonağa: – Noruzəli, poçtxananı tanıyırsan? Noruzəli cavab verdi: – Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi? – Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan? – Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim… – Hələ bu sözlərini sonra deyərsən. Qulaq as, gör ne deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl! Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı kağıza, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi: – Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl! – Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib. – Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına. – Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər. – Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal gəl! Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi: – Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm. Noruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi: – Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta! Noruzəli əl ağacını götürüb, başladı uşaq kimi qaçmağı. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana. – Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-quluqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar. Xan daha ucadan səsləndi: – Daha uzun danışma. Qaç kağızı sal; vaxtı keçir. Noruzəli istədi uzaqlaşsın, xan onun dalıyca çığırdı: – Noruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl! Noruzəli dəxi də ucadan cavab verdi: – Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz. Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi: – Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi. Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi: – Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi: – Ədə, o şeyləri yerbəyer elə! Oları bizə itqapanlı Noruzəli sovqat gətirib. Nökər cücələri və yumurtaları apardı aşbazxanaya və ulağı sürüb qatdı töyləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb, gətirdi tutdu xanın qabağına və dedi: – Xan, yaxşı ağ undu. Xan una baxandan sonra buyurdu nökərə küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin. Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə Noruzəli kağızı poçta salıb özünü verdi bazara çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi. Xan, nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harda qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi – polis yasovulu dayandı qapıya və xanı görcək dedi: – Xan, pristav buyurur gələsiniz polsaya və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta. Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi: – Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb? Yasovul cavab verdi: – Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar; yoxsa yazıqdı o kişi. Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaqlar ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir… Xan, Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Noruzəlini yanına çağırıb dedi: – Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi... Noruzəli durdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı: – Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdi eləmişəm, ta neyləmək? İşdi belə oldu. Bular hamısı Allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə… Bu sözləri deyib, Noruzəli bir az da yavıqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi: – Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım? – Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi. – Kim kağızı qoydu cibinə, qoydu getdi? – O kafir oğlu urus, dana! – Hara qoydu getdi? – Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora. Xan bir qədər duruxdu. – Bəs sən kağızı qutuya salmadın? – Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı. – Qutuda sən saldığın kağızdan başqa ta özgə kağız yox idi? – Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə oların hamısını yığışdırıb apardı. Xan qah-qah çəkib güldü. – Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın. Noruzəli başladı: – Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım; çünki yadımdan çıxdı səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim, hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar. – Yox, Noruzəli, sənin işin yoxdu… De, de sonra necə oldu? – Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum; sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım soruşum ki, desin görək bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi; heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı bir urus arvadı tez-tez gəlib qutuya yavıqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib, cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox baş ağrısı verirəm, məni bağışla, oğlana buyur gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm. – A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm sonra necə oldu? – Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmayıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır. – Hələ tələsmə, gedərsən… Sonra necə oldu? – Qoy görüm harda qaldım… Ədə, qoyma-qoyma, ulağ tənəkləri sındıracaq. Noruzəli istədi qaçsın ulağın yanına, xan qoymadı. – Noruzəli, getmə, hələ getmə. De görüm sonra necə oldu? – Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim barı mənim xanımın kağızını ver; illah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə; çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o rus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi? Xan çox güldü, çox qah-qah çəkib güldü. Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə. Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, “kağızın yetişib və otaqlar hazırdır”. Xan yığışıb getdi İrəvana. Ay yarımdan sonra Noruzəlini divana gətirdib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi. 12 noyabr 1903 * * * Kişmiş oyunu Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq. Kəndə yetişib xəbərdar olduq ki, buranın camaatı axşamlar kəndin mötəbər ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini orada söhbət ilə yola verirlər. Biz üz qoyduq həmin Bala Sultanın tövlə otağına. Tövlənin bir tərəfi mal ilə dolu və qaranlıq idi, amma digər tərəfi uca və işıq idi və burada çox cəmiyyət əyləşib söhbətə məşğul idilər. Danışanlar bizi görçək səslərini kəsdilər və cümləsi birdən ayağa durub, bizə kəmali-ehtiram ilə yuxarı başda yer göstərdilər. Biz əyləşdik. Onlar bizim əhvalımızı soruşmağa başladılar. Biz də onlardan əhvalpürsan olduq. Xülaseyi-kəlam, kəndlilər biz ilə bir mehribanə rəftar elədilər ki, guya aylar ilə bizim müntəzirimiz idilər. Kəndlilərin bu növ rəftarı, bizi nəhayət mərtəbədə dilşad etdi. Əvvələn, biz çox ac idik. Havanın belə soyuq vaxtında nə qədər yol gəlib, yorulub, bir belə isti yer və qonaqdust sahibxanə axtarırdıq ki, bir növ rahat olaq. Saniyən, əhli-beytdən ayrı düşüb və qış mövsümü qürbət vilayətə səfər etməkdən bizim ümdə məqsədimiz bir qədər çörək pulu əlimizə gətirib tezliklə vətənə üz döndərmək idi. “Zurnalı” kəndindəki bu tövr mehribanlıq görüb biz yəqin etdik ki, xəyalımızda tutduğumuz məbləği, həmin gecə tövləyə cəm olan Allah bəndələrindən cəm edib dəxi sair yerləri bu soyuqda gəzib dolanmağa möhtac olmarıq və piş əz vəqq evimizə qayıdıb övrət-uşağımızın könlünü şad edərik; necə ki, bizim könlümüz bu gecə burada şad oldu. Başladıq kəndlilə ilə şirin söhbətə. Onlar bizdən İranda vaqe olan əhvalatı soruşmağa başladılar, biz onlardan bəzi əhvalat başladıq soruşmağa. Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti səlamət imiş. Bizim müqabilimizdə bir irəvanlı əyləşmişdi. Bu şəxs dəri almaq qəsdilə kəndə gəlmiş imiş. Bu minval ilə söhbət iki saat çəkdi və biz necə ki, lazım idi, isinib təam gözləyirdik; çünki biz məclisə varid olub əyləşən kimi sahibxana məzkur Bala Sultan nökərini göndərdi ki, xoruz öldürüb bizdən ötrü sədr düyüsündən plov bişirsinlər. Tövlə qapısı açıldı və bizim yadımıza düşən, əlbəttə, plov oldu. Bir uca boylu oğlan, kəhildəyə-kəhildəyə – guya ki, uzun yol qaçıb, – məclisə daxil oldu. Kəndlilərin birinin yanında oturub başladı haman kəndlinin qulağına bir şey pıçıldamağa. Bir qədər keçəndən sonra, haman oğlan tövlədən kənara çıxdı. Həmin olğan çıxıb gedəndən sonra, kəndlilər başladılar bir-birilə pıçıldaşmağa. Bala Sultan kəndlilərin bu tövr hərəkətini xoşlamayıb söylədi: – Çox eyibdir sizdən ötrü ki, bizim belə əziz qonaqlarımızın yanında pıçıldaşırsınız. Mən bu tövr biədəbliyi sizdən əsla gözətləmirəm. Hər nə sözünüz varsa, aşkara söyləyin ki, görək nə olubdur. Mən başa düşə bilmirəm, sizin necə bir xəlvət işiniz ola bilər ki, bizdən gizləyirsiniz. Kəndlilərin biri cavab verdi: – Xeyr, Sultan ağa, elə bir xəlvət işimiz yoxdur. Olsa da, elə bir iş deyil ki, sizə dəxli ola. Kəndlinin bu sözləri Sultanın xoşuna gəlmədi və Sultan bir qədər ucadan dedi: – Gedə, sənin ağlın qaçıb, nədir?! Necə mənə dəxli yoxdur?! Sizin nə bir elə işiniz ola bilər ki, mənə dəxli ola bilməsin? Haman kəndli cavab verdi: – Xeyr, Sultan ağa, vallah elə bir iş yoxdur. Kəndlilər genə başladılar bir-birinə pıçıldaşmağa. Bala Sultan bu dəfə dəxi qeyzlənib uca səslə dedi: – Adama sözü bir dəfə deyərlər! Axmaq uşağı axmaq! Bir mənə deyin görüm ki, axı nə barədə pıçıldaşırsınız və nə bir elə iş vaqe olub? Qabaqca cavab verən kəndli söylədi: – Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun: amma doğrusu budur ki, qorxuruq, ehtiyat edirik ki, izn vermiyəsən! Bala Sultan hirs ilə dedi: – Necə ehtiyat edirsiniz?! Necə qorxursunuz ki, izn verməyim?! Nəyə izn istəyirsiniz? Kəndli dedi: – Xeyr, Sultan ağa, başınızı ağrıtmayınız! Elə bir xəlvət işimiz yoxdur. Olsa da, daha nə lazım söyləmək?! Onsuz da biz yəqin bilirik ki, izn vermiyəcəksiniz, daxı nə lazım söyləmək! Bala Sultan o mərtəbədə hirsləndi ki, yerindən bir qədər dikəlib qeyz ilə, daha uca səslə haman kəndliyə dedi: – Allah sizə lənət eləsin! Sizi görüm üzünüz qara olsun! Lənət olsun sizi doğub əkənlərə! Bu qədər sözü uzatmaq olmaz. Axı bir deyiniz görüm sözünüz nədir? Az məni dəli-divanə edin! Kəndlilərin bir ayrısı üzünü Bala Sultana tutub dedi: – Sultan ağa, bizim fikrimiz Allahdan gizli deyil, səndən niyə gizlin olsun! Amma doğrusu budur ki, qorxuruq ki, getməyimizə izn verməyəsən. Bala Sultan alçaq səslə soruşdu: – Hara getmək istəyirsiniz? Kəndlilərdən bir cavab gəlmədi. Sultan dübarə soruşdu. Kəndlilərdən bir cavab çıxmadı. Sultan çox uca və qeyzli səslə dübarə soruşdu: – Hara getmək istəyirsiniz? Kəndlilərin birindən bu tövr cavab gəldi: – Sultan ağa, doğrudan-doğrusu biz hamımız qorxuruq; səndən qorxuruq ki, izn vermiyəsən. Amma mən sözün əslini deyəcəyəm. Mən biləm ki, məni öldürəcəksən, – genə sözümü deyəcəm. Sözün vazehi budur ki, bu saat və bu dəqiqə poçt yolu ilə bir dəvə karvanı İrəvana 18 yük kişmiş aparır. Amma necə yeməli kişmişdir!.. Bu xəbəri bu saat Kərbəlayı Heydərəli gətirib. Deyir ki, tayın biri bir az dəlinib, kişmişdən bir qədər yola tökülmüşdü. Kərbəlayı Heydərəli oğlunun canına and içir ki, belə kişmiş, Təbrizdən, indiyə kimi bu tərəflərə gəlməyib. Sultan ağa, Allah-taala atan Hüseyn Sultanın ruhunu şad eləsin, aman günüdür, rəhmin gəlsin, biz yazığıq. Bala Sultan təəccüblü soruşdu: – Yaxşı, mən nə eləyim? Necə rəhmim gəlsin sizə? Kəndli bir az durub dedi: – Vallah, Sultan ağa, qorxuram deməyə; amma deyəcəyəm. Əgər bizə mərhəmət eləsən və izn versən, bu saat atları minib, silahlanıb, karvanın qabağını kəsərik və kişmişdən beş-on tay gətirib, burada gecələr söhbət edə-edə yeməyə məşğul olarıq; məsələn, on tay kişmiş gətirsək cəmimizə bütün qış kifayət edər. Aman günüdür, Sultan ağa, dəxi belə fürsət bir də ələ düşməz! Sultan ağa, şair bə nə yerdə deyib: “Fürsəti verməz fotə aqil, bəlkə olmaya nadan!”. Aman günüdür. Sultan ağa, bizə rəhmin gəlsin! Bala Sultan çox təəccüblü dedi: – Olan, nə danışırsınız! Məgər dəlisiniz?! Kişmiş taylarını çöldə tökməyiblər ki, siz gedib yığışdırıb gətirəsiniz! Ola bilməz ki, karvanın yanında gözətçi və çarvadar olmasın. Qoyarlarmı xalqın gözünün qabağında özgənin malını gətirəsiniz?! Kəndlilərin biri Sultana belə cavab verdi: – Nə deyib qoymazlar, Sultan ağa?! Çarvadarın hünəri nədir qoymasın?! Və bir də ki, biz iki adam, üç adam, əli boş və piyada getməyəcəyik. Yəqin ki, karvanın yanında olacaq iki, üç nəfər silahsız və piyada çarvadar; amma biz olacağıq iyirmi-iyirmibeş nəfər atlı və silahlı. Bizim qabağımızda iki-üç çarıqlı dəvəçi nə danışa biləcək? Heç göz açmağa fürsət vermərik. Sultan ağa, bizi o qədər də yava və aciz hesab etmə. – A gədə, Allahı sevirsiniz bu fikirdən düşün! Olan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izn verim ki, gedib quldurluq edəsiniz! Qardaşlarım, vallah, bu işlərin faydası yoxdur, gəlin bu daşı ətəyinizdən tökün! Xatadır, cahılsız, gedərsiniz, bir söz siz deyərsiniz, bir söz onlar deyər, sözünüz çəp gələr, gözü qanlısınız, əlinizdən xata çıxar. Ondan sonra gəl polisəyə cavab ver! Kəndlilərdən biri: – Sultan ağa, haqq fərmayiş edirsiniz, belə işdə xata da ola bilər olsun, qan da tökülə bilər; çünki çarıqlı dəvəçi bizim kimi igidlərin qabağında ağzını açıb danışsa, lazımdır ki, onun ağzını məhz güllə ilə yummaq. Amma siz nahaq yerə bolusadan ehtiyat edirsiniz. Biz elə yerdə yatmarıq ki, altımıza su çıxsın. Əgər əlimizdən xata da çıxsa, biz elə eləmənik ki, bir yad adam bizim işimizdən xəbərdar olsun. Sultan ağa, gərək sənə yaxşı məlum ola ki, belə işlər bizim peşəmizdir. Daha biz xam deyilik. Bizim bu cür işlərə getməyimiz əvvəlinci dəfə deyilki, bolusa bizim işimizdən xəbərdar olsun və axırda bizə əziyyət eləsin. Sənin başına and olsun. Sultan ağa, bir nəfəs də bizim işimizi duymaz. Bir qədər fikir edəndən sonra Bala Sultan söylədi: – Orasını doğru deyirsiniz: mən bilirəm ki, xam deyilsiniz; amma vallah doğrusu, genə qorxuram. Yer qulaqlıdır, dünya-aləm şeytan ilə doludur. Uşaqlar, ehtiyatlı olun! Kəndlilərin cavanlarından on-on beşi sevincək durdular ayağa və “Allah sənə ömür versin, Sultan ağa!” – deyə-deyə eşiyə çıxdılar. Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz tövlədə olan atlardan bir neçəsini yəhərləyib çəkdilər kənara. Bir qədər keçəndən sonra eşiyə çıxan kəndlilər və bunlardan başqa dəxi bir neçəsi gəldilər otağa; cümləsi əsbab və əsləhəli: kiminin belində qəmə, kiminin əlində tüfəng – hamısı qıvraq geyinmiş... İyirmi-iyirmi beş nəfər igid hərəsi bir at eşiyə çəkib, çaparaq mindilər və qayıb oldular. Biz hər ikimiz çox dilxor olduq. Əvvələn, bizə yəqin oldu ki, biz xam xəyal eləyirmiş idik; çünki dəxi gördük ki, bu tövr müsəlmanlardan heç bir ianə və ehsan gözləmək olmaz. İkinci budur ki, kəndlilərin quldurluğa getməklərindən biz başladıq iztiraba düşməyə: kim nə bilsin, bunların bu tövr rəftarından bizə nə qədər dərdi-sər və bədbəxtlik gələ bilər. Bu qism xəyalata məşğul idim, Bala Sultan mənim təğyiri-əhvalımı duyub üzünü tutdu mənə və dedi: – Ağalar, vallahi, billahi zəmanə xarab olub! Böyüklərin, ağsaqqalların sözlərini çürük qəpiyə alan yoxdur. Ha deyirsən: “Balam, oturun yerinizdə, bu cür işlərdən qan qoxusu gəlir, belə işlərə iqdam edən – həmişə Allah yanında günahkar və bəndənin yanında xəcalətli olur”, amma nə fayda, sən deyirsən, – sən eşidirsən. Yoldaşım, Bala Sultanın cavabında dedi: – Sultan ağa, cənabınız nəhaq yerə zəmanədən giley edirsiniz. Mən elə başa düşürəm ki, əgər sizdən izn olmasaydı, cahillər kişmiş dalınca getməzdilər. Bizim ikimizdən və Bala Sultandan savayı tövlə otağında bir qoca kişi dəxi var idi. Yoldaşım axırıncı sözlərini deyib qurtarandan sonra, həmin qoca kişi bir öskürüb çubuğunu yerə boşaldıb və heç birimizin üzünə baxmayıb, başını bulaya-bulaya guya ki, öz-özünə dedi: – Xeyr, ağalar, belə deyil! Bizim cahıllar, siz görən cahıllardan deyillər. Allah bunlara lənət eləsin. Bunlar kimi qudurğan və bihəya millət tamam yer üzündə nişan verən yoxdu. Bunlar bildiklərini heç atalarına da verməzlər. Siz nahaq yerə elə xəyal eləyirsiniz ki, Sultan ağanın izni olmasaydı, onlar quldurluğa getməzdilər. Sultan ağa izn verməsəydi də gedəcəkdilər. Allah onlara lənət eləsin, onlar sözə baxan deyillər. Bu heyndə uzaqdan bir güllə səsi gəldi. Biz hər ikimiz dik atıldıq və çox qorxduq. Bala Sultan da zahirən narahat olub, başını yuxarı qaldırıb başladı qulaq verməyə. Amma qoca kişi əhvalına təğyir verməyib, çubuğunu tütün ilə doldurub başladı yandırmağa. Mən elə güman elədim ki, onun qulağı eşitməz; amma mən səhv edirmişəm. Qoca kişi başını bulaya-bulaya və yerə baxa-baxa guya öz-özünə dedi: – Allah görüm sizi yox eləsin, toxumunuz yer üzündən tükənsin! Bir tikə qurğuşun ilə görəsən hansı biçarənin balalarını ağlar qoydular?! Bir qədər keçəndən sonra, iki tüfəng açıldı. Mən qorxudan başladım titrəməyə. Yoldaşım başını mənə tərəf əyib alçaq səslə qorxa-qorxa soruşdu: – Seyid Hüseyn, başımıza nə çarə qılaq? Bu nə iş idi biz düşdük? Mən mat-mat o yazığın üzünə baxıb bilmədim nə cavab verim. Bir az keçəndən sonra, uzaqda at tappıltısının səsi gəldi. Bir qədər də keçdi, genə uzaqdan güllə atıldı. Ondan sonra beş-altı kərə bir-birinin dalınca tüfəng səsi gəldi. Bir azdan sonra at tappıltısı şiddət edib gəldikcə yavıqlaşdı. Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə atları tövləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. Bala Sultan ayağa durub üzünü tutdu kəndlilərə: – Afərin, afərin, balalarım! Allah birinizi min eləsin! Sizsiz mənim bir günüm olmasın! Kəndlilərdən bir cavab çıxmadı. Bala Sultan cahılların birinə üzünü tutub dedi: – Cəfərəli, niyə dinmirsən? Fikirli adama oxşayırsan?! Yoxsa əlinizdən bir xəta çıxıb? Cəfərdən bir cavab gəlmədi. Bu heyndə genə at tappıltısı gəldi. Tövlənin qapısı açıldı və bir neçə cahıl başladılar tövləyə bir şey sürüməyə. Biz elə bildik ki, bu da kişmiş tayıdır; amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana bulanmış adam ölüsü idi. Bala Sultan irəli yeriyib və ölünün paltarına və sifətinə diqqət ilə baxandan sonra, pərişanhal olub dedi: – Allah sizin evinizi yıxsın! Bu fəqir dəvəçinin günahı nə idi ki, bunu öldürüb, əhli-əyalını gözü yolda qoydunuz?! Heç kimdən bir səs çıxmadı. Bala Sultan ölünü görən kimi hər iki əlini dizlərinə vura-vura dedi: – Vay, vay, vay! Allah sizə lənət eləsin! Durmayın, durmayın! Götürün beli, qazmanı, köməkləşin, tez tövlənin bucağında bir dərin quyu qazın, cəmdəyi (nəşi) salaq quyuya, üstünü peyin və axbun ilə örtək. Tez-tez! Daha durmayın! Durmaq vaxtı deyil! Vay, vay! Cahıllar Bala Sultana bir cavab verməyib durduqları yerdən hərəkət eləməyib başları aşağı, baxırdılar kimi ölüyə, kimi yerə. Bala Sultan genə təkid ilə dedi: – Niyə durursunuz? Nə fikir eləyirsiniz? Dəxi indi fikir eləmək fayda verməz. İndi durmaq vaxtı deyil! Gedin tez quyu qazın! Cahıllar bir cavab verməyib, durduqları yerdən hərəkət eləmədilər. Bala Sultan onların üstə hirs ilə çığırdı: – Məgər qulaqlarınız kardır? (sağırdır?). Adama neçə dəfə sözü deyərlər? Mən əvvəl sizə dedim ki, bəd əməlin dalınca getməyin; xatadır, adam başağrısı çəkər. Sözümə qulaq verməyib getdiniz və üçdörd tay kişmişdən ötrü adam öldürdünüz. İndi bunların hamısı keçib, barı öz zibilinizi özünüz təmizləyin! Cahılların biri, hər iki əlini qəməsinin dəstəsinin üstə qoyub, döşünü bir qədər dalı çəkib, gözlərini axıda-axıda üzünü Sultana tutub dedi: – Sultan ağa, ölünü tövlənin bucağında gizlətmək çox asan işdir: götürərəm qazmanı, bir dəqiqənin içində bir dərin quyu qazaram, cəmdəyi xakriz edərəm. Burada bir çətin iş yoxdur. Amma bununla canımız qurtarmayacaq. Necə dərin quyuda ölünü gizlətsək, genə axırda gəlib çıxardacaqlar və bizim hamımızı katrojniyə göndərəcəklər. Bu kəndli sözünü qurtaran kimi yoldaşları bir səslə bu sözü təsdiq eləyib dedilər: – Doğru deyir, Kərbəlayı Məhəmməd doğru deyir. Bizim hamımızı Sibirə göndərəcəklər. Bala Sultan təəccüb ilə soruşdu: – Olan, yoxsa sizi görən olub? Kərbəlayı Məhəmməd cavab verdi: – Sənin başına and olsun, Sultan ağa, bizi bir əhəd də görməyib. Karvanın yanında məhz üç nəfər dəvəçi idi. İkisini karvanın yanında öldürdük. Bu yazıq da bizim dalımızca qaça-qaça gəldi kəndin yavığına ki, bəlkə kişmiş taylarını bizdən saldıra; bunu da öldürdük və bədənini gətirdik buraya ki, bizim kəndin kənarında nişanə qalmasın. Bala Sultan genə dedi: – Dəxi nədən qorxursunuz? Sizi görüb tanıyan olmayıb, bəs dəxi nədən qorxursunuz? Kərbəlayı Məhəmməd: – Sultan ağa, biz ömrümüzdə heç bu tövr kəmehtiyat iş tutmamışdıq. Yəqin elə sabah bizi qol-qola bağlayıb aparacaqlar navaxta! Cahıllar səs-səsə verib dedilər: – Elədir!.. Elədir!.. Doğrudur!.. Yəqin aparacaqlar! Bala Sultan təəccüblü, uca səslə soruşdu: – Qardaş, nə deyib aparacaqlar, axı? Kim gedib sizi şeytanlayacaq? Bizim içimizdə ki, bir yad adam yoxdur. Kərbəlayı Məhəmməd başını bulaya-bulaya Sultana cavab verdi: – Sultan ağa, məni bağışla, amma heç özün də bilmirsən nə danışırsan! Vallah, Sultan ağa, evimiz yıxılıb. Dəxi bu işlərin heç çarəsi yoxdur! Bizə dəxi gün kimi aşkar oldu ki, kəndlilər məhz bizim ikimizdən ehtiyat edirlər ki, buradan çıxıb gedəndən sonra, bunların quldurluğu barəsində bir söz danışarıq, ya divana xəbər verərik. Yoldaşım cahılları bu barədə sakit eləmək qəsdilə bunlara üzünü tutub həqiranə söylədi: – Ay qardaşlar, şükr edirəm pərvərdigara ki, burada bu saat hazır olan adamların cəmisi müsəlmandır, xarici millət yoxdur. Siz də müsəlmansınız, biz də müsəlmanıq və övladi-peyğəmbərik. Bizim əlimizdə bundan savayı dəxi bir çarə yoxdur, məgər ki, cəddimizə and içib, onun kitabi-məcidini öpüb, sizə səmimi qəlbdən söz verək ki, nə qədər ömrümüz var, – siz bu gün burada elədiyiniz işlərin barəsində bir yanda və bir kəsə ağzımızı açıb danışmayaq və əgər bu xüsusda vədəxilaf olsaq, Allah-taala bizim hər ikimizin həftadi-həftinə iki min lənət eləyə və hər iki dünyada biz üzüqaralar cərgəsində olaq. Yoldaşım sözünü qurtaran kimi, Bala Sultan başladı: – Xeyr, xeyr ağalar! Nahaq yerə siz bədgüman olursunuz. Heç narahat olmuyun və heç özgə şeylər fikrə gətirməyin. Biz onu yaxşı bilirik ki, siz bizə xəyanət edən adamlardan deyilsiniz. Bala Sultan sözünü qurtardı və cahıllar bir söz demədi. Bir qədər keçəndən sonra, kəndlilərin biri üzünü bizə səmt tutub dedi: – Ağalar, biz sizi yaxşı tanıyırıq. Sizin əsil kökünüzə bələdik. Seyid olmayın, istəyirsiniz nə olursunuz olun, – insana etibar yoxdur. Üç il bundan irəli iki nəfər seyid padşahlıq yolunda bir ermənini öldürüb, cibindən iki manat yarımını çıxartmışdılar. Naxçıvanda bu iki yoldaşın sözü çəp gəlir və birisi gedib nəçəlnikə, erməni öldürməklərini xəbər verir. Biz sizin kimi seyidlərə etibar eləyib özümüzü badifənaya verə bilmərik, yazığıq. Bizi Sibirə aparandan sonra, siz ki, gəlib bizim uşaqlarımıza çörək qazanıb sahiblik eləməyəcəksiniz? Haman kəndlinin sözünə qüvvət verib, cahıllar başladılar qaim səslə deməyə: – Xeyr, xeyr! Heç vaxt etibar eləmək olmaz! Heç vaxt inanmanıq. Bala Sultan genə bizə köməyə gəldi və kəndlilərə başladı deməyə: – A balam, axmaq-axmaq danışmayın, bu kişilər siz dediyiniz adamlardan deyillər, niyə bu qədər boş-boş danışırsınız. Cahıllar səs-səsə verib çığırışmağa başladılar. – Vallah, Sultan ağa, heç ola bilməz! Dünyada heç kəsə etibar yoxdur. İranın naməlum seyidləri hara, biz hara! Sultan ağa, heç ola bilməz! Biz başladıq yalvarmağa: – Ay Allah bəndələri! Biz xata elədik ki, gəlib bura çıxdıq?! Allahı sevirsiniz bizə izn verin, qoyaq gedək işimizə! Cəddimiz peyğəmbərə and olsun, bir yanda bir söz ağzımızdan qaçırmanıq. Kəndlilər daha ucadan başladılar çığırmağa: – Ola bilməz!.. Ola bilməz!.. Yerinizdən tərpəşməyiniz, yoxsa güllələrik! Daha sonra nə oldu, nə olmadı, – yadımda deyil. Orası məhz yadımdadır ki, cahıllardan bir neçəsi bir-birinin qulağına bir şey pıçıldaya-pıçıldaya yavaş-yavaş başladılar bizə səmt yavıqlaşmağa, yoldaşım başını pəncərənin içinə çoxub, başilə pəncərənin şüşəsini para-para edib özünü bir növ həyətə saldı. Onun dalınca mən özümü haman pəncərədən saldım həyətə və düşdüm yoldaşımın üstə. Kəndlilər çığırdılar: – Qoymayın o namərdləri getsinlər! Mən düşən kimi, başladım qaçmağa, amma yazıq yoldaşım yerindən hərəkət eləyib bir-iki qədəm qoyub, genə yıxıldı yerə; sonra durdu ayağa və axsaya-axsaya mənim əlimdən yapışdı və biz ənvai-müsibət ilə kəndin içindən, itlərdən özümüzü qoruya-qoruya, çıxdıq kəndin kənarına. Axırı bir tövr özümüzü sürüyüb yarıcan saldıq erməni kəndinə və bir tövlədə yatıb sübh tezdən ac-acına yola düşüb, axşam vaxtı gəlib yetişdik “Nurcaman” kəndinə. Çox yavaş yeriyirdik; çünki yoldaşımın sağ ayağı bərk incimişdi və yazığa nəhayət əziyyət verirdi. O mərtəbədə qorxmuşduq ki, vətənə qayıtmaqdan savayı qeyri bir şey yadımıza düşmürdü… İki gündən sonra Arazı keçib İran torpağına yetişdik və əliboş, kor-peşman çatdıq kəndimizə və qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik. Əhvalatdan bir il sonra, genə yolumuz Rusiya torpağına düşdü. Qəsdimiz İrəvana gəlmək idi. “Zurnalı” kəndinin yanından keçib gecə yatdıq “Ulağlı” kəndində. Bura ilə “Zurnalı”nın arası ağacyarımdır. “Zurnalı” kəndindən, Bala Sultandan və kəndin qeyri əhvalatından söhbət saldıq ki, bəlkə keçən il kişmiş karvanının qarət olmağından, dəvəçilərin ölməyindən bir xəbər bilək. Amma artıq təəccüb elədik ki, heç bir kəsin yadına bir belə əhvalat gəlmirdi. Sonra kəndlilərdən biri bizdən soruşdu: – Ağalar, yoxsa “zurnalılar” siz ilə kişmiş oyunu oynayıblar?.. Məhz burada biz başa düşdük ki, “zurnalılar” nə kişmiş qarət ediblər və nə dəvəçi öldürüblər: bunlar ancaq bizim ilə “kişmiş oyunu” oynayıblar. Və məhz indi başa düşdük ki, “zurnalılar” bizim başımıza “kişmiş oyununu” gətirməkdən məqsədləri ancaq bizi kənddən qaçırtmaq idi; çünki biz akoşkadan özümüzü yerə salıb qaçan zaman onlar bizi güllə ilə də vura bilərdilər, tutub öldürə də bilərdilər… * * * Usta Zeynal Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi. Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir. Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər. Otaqların bir qüsuru yox idi; çünki divarların kağızı təzə və təmiz idi, taxta fərşlər təzə şirlənmişdilər. Və lakin bir neçə gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci lampa asılan çəngəlin bir tərəfindən akoşkaya səmt uçub tökülmüşdü. Muğdusi Akop və övrət məsləhət etdilər ki, bir bənna çağırsınlar və danışsınlar ki, səqfin uçan yerini gəclə suvayıb düzəltsin. Muğdusi oğlunun bu tezliklə gəlməyini gözləmirdi. O səbəbə ki, oğlu Moskvadan çıxan zaman yazmışdı ki, Tiflisdə iki həftə dayısı evində qonaq olacaq. Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi və Muğdusi Akop fikrində qoymuşdu ki, səqf quruyandan sonra təmir etdirsin və illa oğlunun bu tezliklə gəlməyini bilsə idi, təxir etməyib səqfi piş əz vəqt qayıtdırardı. Tiflisdən buraya üç günlük yoldu. Akop övrəti ilə məsləhəti bu yerə qoydular ki, nə qədər mümkün isə, tezliklə usta çağırıb, iki günün müddətində səqfi təmir etdirib qurtarsınlar. Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda Usta Cəfər adlı məharətli bənna və səliqəli gəc çəkən var. Muğdusi, Usta Cəfərin evinə gedib və qapısını döyüb ustanı soruşdu. Ayaqyalın bir arvad qapıya çıxdı və cavab verdi ki: – Usta Cəfər gedib Məhəmməd Ağanın evində işləməyə və axşam gələcək. Muğdusi bir az bikef oldu; çünki dəxi ümidi yox idi ki, bekar usta tapa və sabaha kimi də gözləmək istəmirdi: bir günün içində səqfi təmir etmək və sonra otağın toz-torpağını təmizləmək mümkün olmazdı. Muğdusi Akop gedib dükan qonşusu Hacı Rəsula dərdini söyləyəndən sonra Hacı Rəsul təzə İrandan gələn Usta Zeynalı Muğdusiyə tərif etdi. Adam göndərdilər, Usta Zeynal gəldi və boynuna çəkdi günü iki manata Muğdusi Akopun səqfini təmir etsin; bu şərtlə ki, bu gün başlayıb, sabah axşama kimi işini tamam edib, otağın gəcini və torpağını təmizləyib qurtarsın. Muğdusi Akop əhd elədi ki, əgər Usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, ustaya daha altı arşın yarım mahud versin. Bir saatdan sonra Usta Zeynal şəyirdi Qurbanla Muğdusi Akopun evində hazır oldu və əlindəki xurcunu balkona qoyub girdi otağa və başını yuxarı qalxızıb, üzünü tutdu Muğdusi Akopa: – Xozeyin, qorxuram sabah axşama kimi başa gətirə bilmiyim. Muğdusi Akop cavab verdi ki, burada nə bir o qədər iş var ki, sabah axşama kimi qurtarmaya. Usta genə diqqətlə səqfə baxıb başladı ki: – Bu gün axşama kimi ancaq gəc ələnib hazır ola, pilləkan gələ, taxta bağlana, qab-qaşıq gətirilə… Bunlar hamısı uzun işdi. Muğdusi Akop söz verdi ki, bu işlər bir saatın işidir və Usta Zeynaldan çox artıq təvəqqə etdi ki, bir az səy edib təxirə salmasın. Muğdusi Akop Qurbana pul verib göndərdi, bir yük yaxşı gəc alıb gətirsin və özü, övrəti və xırda oğlu başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyi. Muğdusi Akop kiçik oğlu ilə həyətdən nərdibanı gətirib qoydu otağa, Muğdusinin arvadı otaqdan bir paçka papiros və bir qutu spiçka gətirib qoydu Usta Zeynalın qabağına. Muğdusi oğlu ilə həyətdən bir neçə böyük və kiçik taxta gətirib qoydu otağa. Usta Zeynalın buyurmağına görə Muğdusi oğlu ilə gedib qonşudan bir nərdiban da alıb gətirdilər. Bir saatdan sonra həyətə bir yüklü ulağ girdi. Üstü-başı gəclə tozlanmış ulağçı, ustanın şəyirdi, hərəsi bir tərəfdən yükün çuvallarını qucaqlayıb, ulağın üstündən götürüb, gətirdilər otağa və gəci boşaltdılar yerə. Ulağçı çuvalları ulağın üstünə atıb, heyvanın ombasından bir dəyənək yendirib həyətdən çıxdı. Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa, yarım mahuddan tikilmiş köhnə geyməsini çıxardıb bükdü və qoydu bir səmtə və Muğdusinin arvadından ələk istədi. Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. Muğdusi Akop, Usta Zeynalla köməkləşib nərdibanın birini dayadılar otağın bir divarına, o birini dayadılar müqabildəki divara və Usta Zeynal taxtaların bir uzununu və möhkəmini götürüb qoydu nərdibanların uca pillələrinin üstünə və çıxıb, balkondan bir papirosla spiçka qutusunu götürüb, papirosunu yandırdı, üzünü tutdu Muğdusi Akopa: – Xozeyin, bu otaqları hansı usta tikib? – Muğdusi Akop cavab verdi ki, bilmir hansı usta tikib; çünki bu otaqları onun atası tikdirib və bilmir hansı ustaya tikdirib. Usta Zeynal börkünü başından götürüb içindən çirkli-araxçınını çıxardı, qoydu keçəl başına, börkünü qoydu akoşkanın içinə və Muğdusi Akopdan soruşdu: – Xozeyin, Urusetdən gələn oğlun neçə yaşında olar? – Muğdusi Akop cavab verdi ki, Urusetdən gələn oğlu iyirmi dörd yaşındadır və Usta Zeynaldan təvəqqə elədi ki, bir az əcələ etsin. – Xozeyin, heç narahat olma, niyə ürəyini sıxırsan? Mən ölü də olsam, günortaya kimi qurtarram. Sonra Usta Zeynal bir qədər fikirləşib üzünü tutdu Qurbana: – Qurban, bir şey yadıma düşdü, tez dur ayağa. Dur, oturma. Get bizdə saxsı ləyən var, küpə var, onları və bir parç da götür gəl. Qurban “ya Allah” deyib durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. Muğdusi Akop, Usta Zeynala dedi ki: – Bu şeylərin cəmisi burada var. Daha nə lazım zəhmət çəkmək və vaxtı itirmək? Usta Zeynal əvvəl bilmədi ki, nə cavab versin və əlindəki papirosu akoşkanın küncünə basıb keçirdib dedi: – Xozeyin, heç eybi yoxdu, nə eybi var? Bu saat Qurban şeyləri gətirər. Nə eybi var? Bu sözləri deyəndən sonra Usta Zeynal akoşkanın içinə əyilib, başladı diqqətlə həyətə baxmağa və Muğdusidən soruşdu: – Xozeyin, həyətdə axar su var? Muğdusi Akop cavab verdi ki: – Haman görükən arxın suyu həmişə axır. – Usta Zeynal “çox əcəb” deyib başladı şalını açmağa. Muğdusi Akop çıxdı getdi arvadının yanına. Arvadı bundan soruşdu ki: – Ustalar nə işdədirlər? – Muğdusi Akop cavab verdi ki, ustalardan gözü su içmir; çünki çox yavaş tərpəşirlər. Saat yarımdan sonra Qurban gəldi; küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. Usta Zeynal başladı şalını açmağa və Qurbana dedi ki, durmasın, tez su gətirsin və gəc qayırsın. Qurban çıxdı balkona və küpəni götürüb yendi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü və gəcdən ovuclayıb, başladı ləyənə tökməyə. Usta Zeynal arxalığını çıxardıb bükdü qoydu akoşkanın içinə, çıxdı balkona, xurcundan malanı çıxardıb gətirdi otağa və “Ya Əli” deyib nərdibanla çıxdı taxtanın üstünə. Qurban gəci qarışdırıb çıxdı nərdibanın dördüncü pilləsinə və ləyəni taxtanın üstünə qoyub yendi aşağı. Usta Zeynal “Bismillah” deyib, sol əlilə gəci götürüb qoydu malanın üçtünə və səqfə vurub başladı suvamağı. Muğdusi Akop gördü ki, iş başlandı, bir qədər rahat oldu. Hətta övrəti şadlığından Usta Zeynala çay təklif etdi. Usta Zeynal çay barəsində razılıq edib ancaq təvəqqə elədi ki, zəhmət çəkib ona bir papirosla, bir spiçka versinlər; çünki Qurbanın əlləri gəcli idi. Muğdusi Akop papirosu və spiçkanı uzatdı Usta Zeynala. Usta papirosu damağına salıb, başladı işini və dedi: – Xozeyin, oğlun neçə il dərs oxuyub? Muğdusi cavab verdi ki: – On dörd il oxuyub. – Maşallah, maşallah. Elədə, xozeyin, gərək çox kitab oxumuş ola. – Nə söz, çox oxuyub. – Maşallah, maşallah. Elədə, xozeyin, gərək xətti də yaxşı ola. Muğdusi Akop soruşdu: – Necə xətti? – Yəni yazmağı, qələmi. – Söz yox, yaxşıdı. Usta Zeynal, malanı qoydu taxtanın üstünə və keçmiş papirosunu yandırıb çömbəldi taxtanın üstündə və başladı: – Xozeyin, nə qədər yaxçı olsa, mən and içə bilərəm ki, bizim oxuyanların xətti kimi ola bilməz. And olsun hər ikimizi yaradana, vətəndə mənim qardaşımın bir oğlu var, olar 13-14 yaşında. Yəni deyəsən çox da dərs oxuyub? Xeyr. Əvvəl-axır yeddi-səkkiz il məscidə gedib, “Gülüstan”ın ancaq ikinci babına kimi mətnini oxuyub. Amma di gəl xəttinə, Allah bağışlasın, Allah öz cəlalı xatirinə sənin də övladının dağını sənə göstərməsin, yazıqsan. Muğdusi Akop dinmədi ki, Usta Zeynal söhbəti müxtəsər etsin və işinə məşğul olsun. Qurban bildi ki, ləyəndəki gəc quruyub, zay olub, nərdibana qalxıb, ləyəni yendirib başladı gəci qaşıyıb yerə tökməyə və təzə gəc qayırıb qalxdı nərdibana. Usta Zeynal papirosun başını gəcə basıb, cızıltı ilə keçirdi və başladı suvamağı və bu söhbəti: – Xozeyin, niyə sizin padşahuuz yoxdu? Muğdusi Akop cavab vermədi və otaqdan çıxdı. Yarım saatdan sonra Muğdusi Akop ustaların yanına gəlib gördü ki, Usta Zeynal yenib aşağı. Qurban parçla su tökür, usta əllərini yuyur ləyənin içinə. Muğdusi Usta Zeynaldan soruşdu ki, niyə bəs işləmir? Usta cavab verdi ki, günorta namazının vaxtı keçir; bu saat gedib namaz qılıb gəlib işləyəcək. Saat yarımdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə və Qurban başladı gəc qayırmağı. Muğdusi gördü ki, ustalar işləməyi başladılar, bunların yanına gəlməyib, oturdu qabaq otaqda ki, bəlkə Usta Zeynal söhbətə məşğul olmayıb şirin işləsin. Muğdusi qəzetin vərəqini götürüb, dəmir yolun bu tərəfə hərəkət etməyinin hesabını öyrənirdi ki, görsün oğlu hansı qatarla çıxa bilər və vətənə nə vaxt gələ bilər. – Qurban, gəc qayır… – Usta Zeynalın belə səsi gəldi. Muğdusi belə hesab edirdi: dəmir yol qatarı Tiflisdən əgər sübh saat beşdə çıxmış olsa, axşam yetişər “Almalı” mənzilinə. – Qurban, təqlidin kimədir?.. – Usta Zeynalın səsi gəldi. Qurbandan cavab çıxmadı. Muğdusi hesab edir: sabah axşam dəmir yol qatarı yetişər “Qurdlar” mənzilinə. Bu hesabla sabah yox, biri gün sübh saat doqquzda gələn maşınla gözləmək olar. Usta Zeynal belə söhbət edirdi: – Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət! Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işləyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər. Gəc ver!.. Qurban pillələri çıxa-çıxa başladı: – Usta, Allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin? İmam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar? Usta Zeynal hirsli kimi ucadan söylədi: – A kişi, get işinə sən Allah, axmaq-axmaq danışma! Necə gərək, imam istiyə? Əgər adamda imam məhəbbəti olmasa, dəxi imamın nə vecinə o cür məlunu istəsin? İmama çox lazımdır ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox? Qurban gəc ləyənini yuxarı qalxıza-qalxıza başladı: – Usta, hər nə deyirsən de, amma imam adamı istəməyincə ziyarətə getmək olmaz. Usta Zeynal acıqlı baxdı Qurbanın üzünə, taxtanın üstündən çömbəlib başladı papirosunu yandırmağa və əl-qolunu ata-ata dedi: – Bax, məni görürsən, bir kasıb bənnələrin biriyəm. Bir mala və bir xurcundan savay özgə bir mal-dövlətim yoxdu; çünki əvvəldən mən dünya malı fikrində olmamışam. Çünki dünya malı dünyada qalacaq. Allah-taala özü qurani-məcidində buyurub: “Cahan, ey bəradər, nəmanəd bə-kəs…” Allah sənin də ölənlərinə rəhmət eləsin, rəhmətlik atam zənganlı Hacı Heydər, Zənganda mötəbər adamların biri idi və özünə görə yaxşı dövlət qazanmışdı. Elə ki, atam vəfat etdi, onda mən on iki yaşında idim. Məni istədilər evləndirsinlər. Hamıdan artıq bu fikirdə əmim Kərbəlayı Qulaməli idi ki, qızını versin mənə. Qızı da hələ bir az uşaq idi. Gəl ləyəni götür, gəc qayır… Qızı olardı altı, yeddi yaşında; mən dedim ki, əgər məni dar ağacından assanız da, çəhardəh məsumu ziyarət etməyincə evlənmənəm; çünki qız da hələ bir az uşaq idi. Hərçənd əmimin ziyarətə getməyimə bir sözü yox idi; amma mən görürdüm ki, əmimin xahişi əvvəl məni evləndirmək, sonra ziyarətə yollamaqdır. Dedim vallahı və billahı istiyirsiz məni öldürün, istiyirsiz ac qoyun, ancaq gedəcəyəm. Muğdusi Akop girdi içəri və gördü ki, Usta Zeynal taxtanın üstündə çömbəlib söhbət edir. Muğdusi qaş-qabaqlı başını qalxızdı Usta Zeynala tərəf və hər iki əlini yuxarı tutub dedi: – Ay Usta Zeynal, sən Allah, işinə məşğul ol, bəlkə sabah axşama kimi qurtarasan. Yoxsa sabah qurtarmasan, gərək işi yarımçıq qoyaq, çünki biri gün tezdən qonaqlar gələcək. Usta Zeynal durdu ayağa və malanı götürüb, əlini vurdu bərkimiş gəcə və Qurbana dedi: – Qurban, gəc qayır. Və sonra üzünü çöndərdi Muğdusi Akopa: – Ay xozeyin, axı mən başıma nə daş salım? Bu cür axmaqlar adamı dəli-divanə eləyir. Qoyurlar ki, adam başını salıb aşağı, işinə məşğul olsun? Muğdusi Akop qaş-qabaqlı üzünü tutdu Usta Zeynala: – Ay rəhmətlik oğlanları, axı siz buraya işləməyə gəlibsiniz, ya davaya? Bəs siz dava eliyəcəksiniz, işi kim görəcək? Usta Zeynal Muğdusiyə tərəf çönüb əlindəki malanı iki dəfə öz döşünə vurub dedi: – İşi mən görəcəyəm, mən! Ürəyüvi niyə sıxırsan, xozeyin? Canın sağ olsun. Bu nə işdi ki, mən sabaha qurtara bilmiyim? Mən ölməmişəm ki, sənin işin yarımçıq qalsın. Əgər mən sənin işini sabah qurtarmasam, mən səndən bir qəpik də istəmirəm. – Yaxşı, Usta Zeynal, tutaq ki, sən məndən bir qəpik istəmədin; bəs mənim xeyrim nədi ki, iş yarımçıq qalsın və qonaqlar gəlib evi bu şəkildə görsünlər? – Heç ürəyüvi sıxma, xozeyin. Allah kərimdi. Ümidüvi bir Allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdi. Ürəyüvi niyə sıxırsan? Əgər Allahın iltifatı olsa, belə iş olmasın ki, on belə iş olsun, bir dəqiqədə qurtarram; əgər olmasa, dəxi mənim günahım nədi?.. Qurban, gəc ver. Axşama bir saat qalırdı, ustalar əllərini yuyub işdən çıxdılar. Səqfin altı hissədən ancaq bir hissəsi qayrılmışdı. Ustalar gedəndə Muğdusi Akop onlardan ancaq bunu təvəqqə elədi ki, səhər işə tez gəlsinlər. Usta Zeynalın Muğdusiyə verdiyi cavab bu oldu: – Ürəyüvi sıxma, xozeyin, Allah kərimdi. Sübh təzə işıqlanırdı. Usta Zeynal və Qurban üz qoymuşdular Muğdusi Akopun evinə işləməyə və Usta Zeynal şəyirdinə bu sözləri deyirdi: – Qurban, mən qəsdən səni bu tezlikdə çağırdım. Qardaş, bir az tez gedək, o kişinin işini qurtaraq; çünki işdi, əgər qurtarmasaq, xəcalətlik çəkərik. Əvvələn budur ki, kişinin oğlu gəlir, qonağı-zadı olacaq; ikinci budur ki, axı, söz vermişik; kişi odur ki, verdiyi sözə əməl eləsin. Və bir də Hacı Rəsuldan da ayıbdı, o kişi də vilayətdə özünə görə bir adamdı. Qurban bir söz söyləmədi və bir qədər keçəndən sonra soruşdu: – Yaxçı, usta, indi sən bu işi podrata götürmüsən ki, bu gün axşama kimi qurtarasan. İndi belə tutaq ki, qurtarmadın, bəs necə olacaq? Puldan yana erməni bizi incitməyə? – A kişi, sən həzrət Abbas, boş-boş danışma! Elə söz danışırsan ki, pişmiş toyuğun gülməyi gəlir. Kişi, necə qurtarmasan? O nə işdi ki, qurtarmıyam? – Axı, ay usta, mən demirəm ki, qurtarmayacaqsan; ancaq deyirəm ki, işdi, qurtarmasan? – A kişi, sən İmam Hüseyn, özünü dəsgaha qoyma. Ustalar yetişdilər Muğdusi Akopun evinə və yarım saatdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə. Qurban başladı gəc qayırmağı və söhbəti. – Usta, bizim xozeyin yaxşı adama oxşuyur. Usta Zeynal gəci ləyəndə sağ əli ilə götürüb cavab verdi: – Yaxşı adam olmağına yaxşı adamdı, Allah dinə gətirsin; amma nə fayda?! – Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar? Usta Zeynal gəci mala ilə səqfə vurub dedi: – Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, – onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Xüdayi-əzz və cəll… – Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar. Mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər? Usta Zeynal malanı qoydu taxtanın üstünə; çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi: – Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər… Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı Allahdandır. Gəl ləyəni götür, gəc qayır. Qurban çıxdı nərdibana və başladı: – Bəli, qıl körpüdən keçəndədi tamaşa!.. Usta Zeynal çubuğunu tüstülədib başladı: – Qurban, bilirsən nə var? İşin əsli, haqq yolu tanımaqdadır; insan ki, haqq yolu tapdı, insan ki, xüdayi-taalanın… Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu: – Ay xozeyin, səni and verirəm İncilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki, yeyirsiz? Muğdusi Akop hirslənib, iki əlini yuxarı qalxızıb qayımdan dedi: – A kişi, bir mənə de görüm, sən bura mollalığa ki, gəlməmisən? – Xozeyin, qadan alım, ta niyə hirslənirsən? Bir sözdü ağzıma gəldi soruşdum. Qurban, gəc qayır! Muğdusi dinmədi. Usta Zeynal çubuğu taxtanın üstə qoyub götürdü malanı və başladı işləməyi. Muğdusi əvvəl istədi ki, işi yarımçıq qoyub, ustaların hesabını kəsib, rədd etsin; amma övrəti razı olmadı və dedi ki: – Daha bundan sonra haradan özgə usta tapılıb səqfi axşama kimi qurtara biləcək. Daha işi natamam qoymaq olmaz. Ya lazım idi təmirə heç başlamamaq; indi ki, başlanıb, – qurtarmaq lazımdır. Ər və arvad məsləhəti bu yerə qoydular ki, Muğdusi Akop gedib hacı Rəsula əhvalatı söyləsin ki, hacı Rəsul ya özü gəlsin və ya bir adam göndərsin Usta Zeynalın yanına və təkid etsin ki, şərt olunan haqqından bir manat da artıq alıb, Usta Zeynal axşama kimi əlbəttə işini tamam etsin. Muğdusi Akop getdi hacı Rəsulun yanına və dərdi-dilini ona söylədi. Hacı Rəsul zahirən Usta Zeynalın rəftarından nəhayət dərəcədə narazı qalıb, oğluna dedi ki, durmayıb getsin və flan-flan şüdəyə desin ki: “Əgər bu gün axşama kimi işini tamam etməsə, nə onun haqqı yetişəcək və nə də daha bundan sonra onu bir özgəsinə tərif edəcək”. Hacının oğlu yarım saatdan sonra qayıdıb gəldi və cavab gətirdi ki, Usta Zeynal atasının qəbrinə and içib ki, hacı ağa heç ürəyini sıxmasın; əgər Allahın iltimatı olsa, bu gün axşama kimi səqfi tamam edəcək və əgər etməsə, bir qəpik də haqq istəməyəcək. Muğdusi Akop bu sözlərin qabağında daha bir söz söyləmədi və başını aşağı əyib, istədi dükandan çıxıb gedə. Hacı Rəsul Muğdusini çağırıb ona bu sözləri dedi: – Hara gedirsən, Muğdusi kirvə? Gəl bir az söhbət elə görək nə var, nə yox? Davadan-zaddan nə danışırlar? Muğdusi dükanın qapısında durub, bir cavab vermədi və saatı çıxardıb və cibinə qoyub dedi: – Hacı, gərək gedəm bazara, bir az işim var. Evə də gərək gedəm, görüm ustalar nə qayırırlar. – A kişi, sən məssəbin, boşla qoysun getsin. Muğdusi kirvə, görükür ki, mənim sözlərimi zarafat hesab eliyirsən. Mən ki, Usta Zeynala sifariş elədim, o ki, mənə söz verdi, eliyə bilməz sözünə əməl eləməsin. Lap arxayın ol və gəl otur, bir az söhbət eliyək. – Doğrusu, hacı, mənim ustalardan gözüm su içmir, qorxuram işi yarımçıq qoyalar. – Ay Muğdusi, səni dinin, boş-boş danışma, gəl otur görək. Hacı Rəsulun oğlu, Muğdusi Akopa bir stul təklif etdi. Muğdusi oturdu və hacı Rəsul genə başladı and içib Muğdusini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır. Usta Zeynal haman vaxt Qurbanla belə söhbət edirdi: – Qurban, görürsən bu erməni millətini. İstiyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq. De ki, ay kafir oğlu kafir, burda nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, hacı Rəsulu iltimasçı salırsan? Gəl ləyəni götür, gəc qayır! Qurban nərdibana qalxa-qalxa başladı: – Usta, birisi Allahı dandı, laməzhəb oldu, heç bir şeyə qayıllığı olmadı, çətindi onu inandırmaq. Qurban küpəni götürdü ki, ləyənə su töküb gəc qayırsın və gördü ki, küpənin suyu qurtarıb və bir az diqqət edəndən sonra gördü ki, su axıb tökülüb yerə. Küpənin o tərəfinə-bu tərəfinə diqqətlə baxıb gördü: küpə bir tərəfdən çatlayıb. Qurban üzünü Usta Zeynala tutub soruşdu: – Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə sınıb? Usta Zeynal cavab verdi: – Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan? Usta Zeynal başladı aşağı yenməyi və küpəni əlinə götürüb üzünü tutdu Qurbana: – Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi. Qurban bir az fikir edib çıxdı balkona və əlində bir küpə gətirdi. Usta Zeynal haman küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin ah çəkib dedi: – Qurban, Allah sənə lənət eləsin! Bu sözləri deyib, Usta Zeynal genə mat-mat baxdı Qurbanın üzünə. Qurban da habelə dinməz-söyləməz baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal bir ah çəkib dedi: – Qurban, Allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya-aləmi mırdar elədin. Allah sənə lənət eləsin! Qurban dinməyib mat-mat baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağı və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, genə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə. Qurban da kor-peşman başını saldı aşağı və xurcunu götürüb, düşdü ustanın dalına. Muğdusinin arvadı elə bildi ki, ustalar çörəyə çıxırlar. Haman dəqiqə hacı Rəsul dükanda Muğdusi ilə söhbət edirdi və Muğdusini inandırırdı ki, Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb. * * * Bu gün axşama kimi Muğdusi Akop, övrəti və kiçik oğlu otaqda nərdibanları, taxtaları və gəci eşiyə daşıyıb, otağı təmizləməyə məşğul oldular. Muğdusi hərdənbir yarımçıq səqfə baxıb Usta Zeynalı yad edirdi. Bu gün axşama kimi Usta Zeynalın arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul oldu. Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və təmizlənsin. Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi vətənə. İyul 1905-ci il, Tiflis * * * İranda hürriyyət Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir. Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da. Gah vaxt yay fəsli küçə ilə keçən vaxt görürsən ki, Məşədi Molla Həsən başını dayayıb səkinin bucağına, mürgüləyir, ya bir özgə vaxt keçəndə görürsən: bir o taylı çömbəlib Məşədinin qabağında və Məşədi gözlüyü burnunun üstə keçirdib, sol dizi üstə əlinin içində yarım vərəq çirkli kağız tutub o başını yuxarı qalxızıb, gözlüyün altından kağıza baxıb, farsca oxuyur: “Və saniyən: əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq və özgə bir nigaranlığımız yoxdur, savay sizin ayrılığınızdan; xudavəndi-aləm bir səbəb salsaydı ki, sizi mən bir də görə idim…”. Qış fəsli məscidin qabağından keçəndə görürsən ki, Məşədi Molla Həsən əbaya bürünüb və qabağına bir manğal qoyub, əyilib az qalır manğalı qucaqlasın. Ya bir vaxt keçəndə görürsən bir qəribə çömbəlib Məşədinin qabağında və əlləri ilə yavaş-yavaş manğalın odlarını deşir və Məşədi Molla Həsən sol əlində yazılı bir kağız tutub, sağ əlini qoltuğuna soxub kağızı oxuyur: “Məndən dua yetirəsiniz əmoğlum Kərbəlayı Qasıma, dayıoğlum Cəfərə, bibimə, Səkinə xanıma, Gülsüm əmiqızıma. Məndən dua yetirin Heydərə, Kərbəlayı Əliyə. Məndən dua yetirin Məşədi Xəlilə, Məşədi İskəndərə və Hüseynə və Qulaməliyə və Məşədi Zülfüqara və Usta Zeynala. Məndən çox-çox dua yetirin Məşədi Rüstəm əmimə və Nəcəfəliyə və Bayrama, Orucəliyə və Səbzəliyə və Kərbəlayı İsmayıla və Məhəmmədə. Və Məhəmmədə degilən ki, qardaşı Murtuzaqulu sağ və salamatdır və İrəvanda Hacı Həmidin bağında bağbandır və bir arvad da alıb, uşağı da olub və çox-çox dua göndərir və uşağın gözləri ağrıyır, amma şükür Allaha, özü salamatdır və çox-çox dua göndərir…”. Məşədi Molla Həsən İran əhlidir. On-on iki il bundan irəli Məşədi İrəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərrislik elərdi. Axırda uşaqlar bir-bir başladılar dağılmağa; o səbəbə ki, uşağın biri dərsini bilməyəndə Məşədi Molla Həsən tüpürürdü uşağın üzünə. Bir neçə dəfə uşaqlar gedib atalarına şikayət elədilər, bir neçə dəfə uşaqların atası gəlib Mollanın üzünə tüpürdü. Amma bunlar hamısı ötüşərdi, əgər uşaqlar dağılmasa idilər. Uşaqlar dağıldılar. Əvvəlləri Məşədi Molla Həsən kitab satardı. İndi də onun səkisinin üstündə bir neçə köhnə cildli kitablar var: iki “Gülüstan”, dörd cild “Camei-Abbas”, bir cild Quran, iki cild çox köhnə “Nisab”, bir dənə cildi dağılmış “Tərəssül” və bir dənə təzə “Əbvab”. Amma bu kitablardan bir ilin içində Məşədi Molla Həsən yeddi-səkkiz cilddən artıq sata bilməz. Odur ki, Məşədinin güzaranı kağız yazmaqla keçir. Gün olmaz ki, üç-dörd qərib və kəndli gəlib Məşədi Molla Həsənə kağız yazdırmasın. Hər kağızın birinə Məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. Kağız yazdıran çox kasıb olanda bir qəpiyə də yazır; bu şərtlə ki, kağızı, yazdıran özü gərək alıb gətirsin. Allah bərəkət versin; yaxşı sənətdir. Müsəlman aləmində heç sənət o mərtəbədə rəvac deyil, nə qədər ki, özgələrə məktub yazmaq. Anadolu məscidlərinin qapılarından keçmək mümkün deyil; o tərəfibu tərəfi müsəlmanlar tutub doluşurlar bir və ya iki mollanın başına ki, kağız yazdırsınlar. Habelə Tehran, Təbriz, İrəvan, Tiflis, Bakı ya qeyriləri. Gəncə məscidinin qapısının hər bir səkisində bir Məşədi Molla Həsən kimi şəxs əyləşib. İyirmi-otuz adam bunları əhatə edir ki, kağız yazdırsınlar. Məscidə girib-çıxmaq mümkün olmur. Allah bərəkət versin. Amma bircə burası yaxşı deyil, kağız yazdıranların hamısı kasıb adamlar olur. Görürsən ki, bir fəqir fəhlə gəlir ki: – Məşədi əmi, mənə bir kağız yaz! Məşədi Molla Həsən bunu eşitcək sağ əlini uzadır fəhlənin qabağına və soruşur: – Çıxart görüm, cibində nəyin var? Fəhlə əlini salıb cibindən iki qəpiyi çıxardır. Məşədi deyir ki: – Bu azdır. Fəhlə and içir ki: – Dəxi pulum yoxdu. Məşədi and içir ki: – Yazmanam. Axırda fəhlə razı olur ki, gedib bir qəpik də tapıb gətirsin. Sonra Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır, qələmdanın dəvatına bir qətrə su tökür, qamış qələmin ucunu basır sol əlinin şəhadət barmağının ucuna, sonra bir vərəq çirkli poçt kağızını kitabın içindən tapıb yarıdan cırır, yarısını səliqə ilə qoyur kitabın arasına, yarısını qoyur sol dizinin üstünə, qələmi batırır mürəkkəbə və öz-özünə başlayır kağızı yazmağa. “Sahiba, qibləgaha! Əvvələn və saniyən…” Qərəz xeyir-duanı və axırda “amin ya rəbbülaləmin” yazıb üzünü tutur kağız yazdırana və deyir: – İndi sözünü de yazım. Kağız yazdıran dərdini yazdırıb qurtarandan sonra qəpikləri verib Məşədi Mollaya, kağızı alıb qoyur qoltuq cibinə ki, gedib görsün vətənə gedən varmı ki, kağızı yollasın. Miladi tarixinin min doqquz yüz altıncı ilində sentyabr ayının 13-də Məşədi Molla Həsən iki nəfər adama kağız yazıb: birini İranın “Ərəblər” kəndinin sakini Kərbəlayı Məmmədəliyə, o birini təbrizli Usta Cəfərə. Ax, başı bəlalı kağızlar! Dünya və aləmi bir-birinə vurdunuz! Kaş sizi yazanın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi! Qərəz, keçək mətləb üstə. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb az-çox çörək pulu qazansın və əhlü-əyalını saxlasın. Əhlü-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında bir oğlundan. Əvvəllər Kərbəlayı Məmmədəli fəhləlik edərdi və iki-üç ayda bir üç-dörd manat xərclik və altı-yeddi arşın çit göndərərdi evinə. Keçən il erməni-müsəlman davası düşəndə Kərbəlayı Məmmədəli getmişdi vətənə və beş-on manat pul da aparmışdı. Amma səkkiz aydır ki, evindən çıxıb gəlib indiyədək ancaq bir dəfə “Ərəblərə” anasına iki manat göndərib ki, evdə xərclik eləsinlər. İki dəfə anası və arvadı sifariş eləyiblər və iki dəfə kağız göndəriblər ki, xərclikdən yana korluqları var və Kərbəlayı Məmmədəlidən bir az pul istəyiblər. Bu sifarişlərin və kağızın cavabında Kərbəlayı Məmmədəli bir dəfə kağız göndərib və bir dəfə də sifariş eləyib ki, buralar şuluqdur və iş-zad o qədər yoxdur; bir az səbr eləsinlər, inşallah, ara sakitləşəndən sonra evə xərclik göndərər. Bu vilayətin şuluq olmağını Kərbəlayı Məmmədəli düz yazırdı, çünki doğrudan buralar şuluq idi. Amma orasını yalandan yazırdı ki, iş-zad o qədər yoxdur; gün olmazdı ki, Kərbəlayı Məmmədəli fəhləlikdən dörd abbası, bir manat qazanmasın və bunu da demək olmaz ki, Kərbəlayı Məmmədəli əhlü-əyalını istəmirdi. Çox səy edirdi ki, pul göndərsin; amma göndərə bilmirdi. Nə qədər istəyirdi göndərsin, birdən görürdü ki, cibində pul yoxdur. Bir neçə gün keçirdi, öz-özünə deyirdi ki: “inşallah, bu gün vətənə gedən adam taparam və heç olmasa, iki manat evə göndərərəm”. Amma axırda genə göndərə bilmirdi. Ondan ötrü göndərə bilmirdi ki, xərci çox idi və xərci də ondan ötrü çox idi ki, Allahın izni ilə, peyğəmbərin şəriəti ilə Kərbəlayı Məmmədəli burada bir dul arvad siğə eləmişdi. Həmin arvad Kərbəlayı Məmmədəlinin yoldaşı bir fəhlənin bacısı idi. Əvvəllər bu arvad Kərbəlayı Məmmədəlinin paltarını yuyardı. Bir dəfə Kərbəlayı Məmmədəlini yoldaşı evlərinə qonaq aparmışdı. Nə tövr düşdü ki, Kərbəlayı Məmmədəli arvadın qıçlarını görüb xoşladı və axırda da ki, aldı. Qabaqca Kərbəlayı Məmmədəli “Aslan karvansarası”nın bir hicrəsində qalırdı və danışmışdı təzə arvadına ayda bircə manat xərclik versin. Amma sonra arvadı bir az da artıq xoşlayıb köçdü arvadın evinə. Arvadın adı Pərinisə idi. * * * Günlərin bir günü Kərbəlayı Məmmədəli qaçaraq evə gəlib təzə arvadına dedi: – Ay qız, Pərinisə, muştuluğumu ver! Pərinisə təəccüblü soruşdu: – Nə olub? Kərbəlayı Məmmədəli dübarə dedi: – Muştuluğumu ver! Pərinisə genə soruşdu: – Nə olub? Kərbəlayı Məmmədəli genə dedi: – Muştuluğumu verməsən, demiyəcəyəm. Pərinisə Kərbəlayı Məmmədəliyə yaxınlaşıb yapışdı əllərindən və genə soruşdu: – Sən Allah, de görüm nə olub? Kərbəlayı Məmmədəli genə dedi: – Vallah, muştuluğumu verməsən, demiyəcəyəm. – Yaxşı, muştuluğun borc olsun, de görüm nə olub? Kərbəlayı Məmmədəli dedi: – Bizim İrana hürriyyət verilib. Pərinisə bir qədər dayanıb soruşdu: – Nə verilib? – Ay qız, hürriyyət də!.. İndiyə kimi bunu da bilmirsən? Pərinisə genə bir qədər dayanıb və bir az təəccüblü soruşdu: – Hürriyyət nədi? Kərbəlayı Məmmədəli arvadın əllərini özündən kənar eləyəeləyə başını sol tərəfə çöndərdi və bir cür narazı olan kimi cavab verdi: – Ay rəhmətliyin qızı, indi axı mən sənə nə deyim, necə səni başa salım? İndi dünya-aləm bilir ki, İrana hürriyyət verilib. İndi küçədə uşaqlar da bilirlər ki, İrana hürriyyət verilib. Bu gün həmşərilərin hamısını qonsur çağırmışdı məscidə, padşaha dua eləyirdilər ki, İrana hürriyyət verib. Mən də getmişdim məscidə. O qədər adam vardı ki, iynə salmağa yer yox idi. Kərbəlayı Həsənqulu da orada idi. Həmşərilər o qədər sevinirdilər ki! Doğrudan da indiyə kimi biz yazıq həmşərilər çox qara gün çəkmişik. Fəhləlik eləməkdən canımız çıxdı. Amma görürsən, Ursetdə heç fəhlə yoxdu, hamısı yazıq həmşəridi. Pərinisə, Allah qoysa, bundan sonra pulumuz çox olar. Elə ha deyirdin ki, mənə urus məxmərindən bir arxalıq al. İndi, vallah, bundan sonra alaram! Axı özün görürdün ki, pulum görmürdü; amma, Allah qoysa, bundan sonra pulum çox olar. Kabla İmaməli, Kabla Noruz, Qasıməli, Oruc, Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar börklərini göyə atalar. Qonsur, deyillər, sabah həmşərilərin hamısını çağıracaq, hürriyyət paylıyacaq. Ay can, ay can!.. Sağ olsun bizim padşahımız, ay can!.. Bu sözləri deyə-deyə Kərbəlayı Məmmədəli çıtmıq çalıb oynayırdı. Pərinisə sevincək genə gedib yapışdı ərinin əllərindən. Sabah oldu. Axşam vaxtı Kərbəlayı Məmmədəli gəldi evə və içəri girən kimi Pərinisəyə dedi: – Pərinisə, balam, qonsur bizə heç zad paylamadı, dedi sizin hürriyyət payınızı İranda öz vətəninizdə paylıyacaqlar. Bu sözləri eşidəndən sonra Pərinisə qaş-qabağını tökdü və bir az dinməyib axırda ərinə dedi: – Yalan deyirsən. Kərbəlayı Məmmədəli başladı and içə-içə arvadını inandırmağa: – Yalan deyirəm atama nəhlət! Qonsur bizə heç zad paylamadı. – Yalan deyirsən. – Vallah, heç zad paylamadı. – Söz yox, paylamaz. Mənim baxtım harada idi ki, paylasın. Burada paylamadı ki, İranda vətəninizdə paylasın, yetişsin o kaftar arvadına. Mənim baxtım harada idi ki, burada paylasın. Bir qədər öz baxtından şikayət edəndən sonra Pərinisə acıqlı ərinə dedi: – Bax, Kabla Məmmədəli, mən onu-bunu bilmənəm, həyə mən sənə arvadam, gərək canın çıxsın, arvadını saxlayasan. İndi iki aydır mən səndən bir məxmər arxalıq istəyirəm. Almırsan ki, kasıbam, pulum yoxdu. İndi də başlamısan ki, mənim payımı qonsur vermədi, vətəndə verəcəklər. Mən heç vədə dözə bilmənəm ki, mənim qismətimi o kaftar arvadın alıb yesin. Ya helə bu gün get, kağızı yazdır ki, sənin payını yollasınlar bura, özünə, o kaftara verməsinlər; ya ki, mən bilmirəm neylərəm. Bu sözlərin cavabında Kərbəlayı Məmmədəli dedi: – Ay arvad, sən Allah boş-boş danışma. Vətəndə hər nə paylasalar, verəcəklər anama. Anam heç olmaz ki, mənim payımı özümə göndərməsin. Vallah, göndərər, anam məni çox istəyir. Ürəyini sıxma, dur bir tikə çörək gətir yeyək. Pərinisə çörək gətirib qoydu ərinin qabağına, amma özü gedib oturdu bucaqda. Axırda Kərbəlayı Məmmədəli and içdi ki, sabah olcaq gedib vətənə kağız yazdırar ki, onun payını göndərsinlər burada özünə yetişsin. Pərinisə bir az sakit oldu. Sübh tezdən Kərbəlayı Məmmədəli çıxdı küçəyə və bilməzdi nə eləsin. Bir tərəfdən Pərinisədən çox qorxurdu və heç özü də bilmirdi ki, nəyə qorxurdu. Bir tərəfdən də vətəndəki arvadı Tükəzbandan da qorxurdu ki; qorxurdu ki, kağız yazdırıb göndərsə, vətəndə Tükəzban duya ki, əri payını təzə arvaddan ötrü istəyir. Burada evlənməyini Kərbəlayı Məmmədəli bərk gizlədirdi. Ondan ötrü ki, vətəndən gələndə Tükəzbanın qardaşları onu qorxutmuşdular ki, əgər qürbətdə evlənsə, gəlib burada onun başını yararlar. Tükəzban da and içmişdi ki, əgər Kərbəlayı Məmmədəli qürbətdə evlənsə, başıaçıq, ayaqyalın gəlib təzə arvadının saçlarını yolar. Bu işləri fikir eləyə-eləyə Kərbəlayı Məmmədəli gəlib yetişdi məscidin qapısına. O vədə Məşədi Molla Həsən təbrizli Usta Cəfərə kağız yazıb təzə qurtarmışdı. Usta Cəfərin kağızı bu məzmunda idi: “Əvvələn… salam-dua… və saniyən… Amin ya rəbbülaləmin. Ey mənim istəkli anam, neçə müddətdir ki, gəlib qürbətdə işləyirəm, heç səni yadımdan çıxarmıram. Amma, ay ana, vallah məndən incimə ki, sənə xərclik göndərmirəm. Ha istəyirəm göndərəm, amma vallah, bilmirsən buralar necə bahalıqdır. Görürsən, əvvəlləri mən tək canıma qalırdım, o vədə xərcim az olurdu, hərdənbir sənə bir-iki manat göndərirdim. Amma, söz yox, Allah özü buyurub ki, müsəlman bəndələrin tək qalmağı yaxşı deyil və Allahın buyurmağına görə necə də ki, məsələn, mollalar həmişə vəz eləyəndə bizə deyiblər ki, müsəlmançılıqda tək qalmaq yaxşı deyil, odur ki, məsələn, səndən də ayıb olmasın, Allahın izni ilə və peyğəmbərin şəriəti ilə burada səndən də ayıb olmasın bir arvad siğə eləmişəm. Genə necə olsa arvaddır, xərci-zadı olacaq. Vallah, qazandığım ancaq evimizin xərcini görür, dəxi o qədər qalmır ki, sənə də göndərəm və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və bir də cəmi qohum-əqrəbaya dua yetir”. * * * Məşədi Molla Həsən həmin kağızı təzə qurtarmışdı ki, Kərbəlayı Məmmədəli yavıqlaşıb salam verdi və üzünü mollaya tutub dedi: – Molla əmi, mənə də bir kağız yaz! Məşədi Molla Həsən, Kərbəlayı Məmmədəliyə dedi: – Baş üstə, – və Usta Cəfərə dedi ki: – Götür qələmi kağıza qol qoy. – Usta Cəfər mollaya cavab verdi ki: – Qoy kağız qurusun, mən gedim paket alım gətirim, sonra qol qoyaram. Usta Cəfər durub getdi. Kərbəlayı Məmmədəli çömbəldi mollanın qabağına və Məşədi Molla Həsən, Usta Cəfər yazdığı kağızı qoydu günün qabağına, kitabın içindən bir vərəq çirkli poçt kağızı çıxardı və sonra sağ əlini Kərbəlayı Məmmədəliyə uzadıb dedi: – Çıxar görüm, mənə nə verəcəksən? Kərbəlayı Məmmədəli yavaş-yavaş sağ əlini uzatdı cibinə və üç dənə tək qəpik qoydu mollanın qabağına. Məşədi Molla Həsən pulları götürüb, əvvəl tutdu günün qabağına, sonra saldı cibinə, sol dizini qalxızdı yuxarı, kağızı sol əlinin içində qoydu dizinin üstə. Qələmi batırdı mürəkkəbə və başladı yazmağa: “Əvvələn… salam və dua…və saniyən…Amin ya rəbbülaləmin…” Bunu yazandan sonra üzünü tutdu Kərbəlayı Məmmədəliyə: – De görüm sözün nədi? Kərbəlayı Məmmədəli bir öskürüb başladı: – Molla əmi, sənin yanında qalsın, məsələn…– Məşədi Molla Həsən istədi yazsın, Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən: – Yox, yox, yazma. Hələ qulaq as! Məşədi Molla Həsən qələmi çəkdi və başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli dedi: – Məsələn: yazgilən, ay ana, deyirlər İrana hürriyyət veriblər. Məşədi Molla Həsən başladı yazmağa: “Ay ana, İrana hürriyyət veriblər”. Kərbəlayı Məmmədəli dedi: – Yaz dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. – Məşədi Molla Həsən bu sözləri də yazdı. Kərbəlayı Məmmədəli dedi: – Yaz indi, ay ana, mən, vallah, heç zad istəmirəm. Amma ayıb olmasın… qoy görüm necə yazaq? Molla əmi səndən də ayıb olmasın, bizim ev adamı, ayıb olmasın… Məşədi Molla Həsən istədi yaza, genə Kərbəlayı Məmmədəli əlini atdı qələmə və çığırdı: – Yox, yox, nə qayırırsan? Sən imam, onu yazma, yazma. Bilməzsən mənim sözlərimin hamısını yazarsan ha! Yox, yox başına dönüm, a molla, məni xanəxərab elərsən… Məşədi Molla Həsən qələmi kağızdan çəkib, başladı qulaq asmağa. Kərbəlayı Məmmədəli başladı: – Yaz mənim payıma hər nə düşsə, göndər mənim özümə… Məşədi Molla Həsən bu sözləri yazdı. Kərbəlayı Məmmədəli başladı: – Hərçənd mən bilmirəm nə qədər düşəcək. Elə tutaq ki, az da düşsə göndər. Çünki doğrudan, a molla, mən heç bu sözləri ağzıma alıb danışmazdım, amma bu arvadların öhdəsindən məgər gəlməkmi olur?.. Məşədi Molla Həsən istədi yaza. Kərbəlayı Məmmədəli tez əlini uzadıb yapışdı qələmdən və çığırdı: – Yox, yox, sən Allah, yazma. Arvad sözü yazma. Birdən bilməzsən yazarsan, arvad almışam… Elə bircə onu yaz ki, payımı göndərsinlər. Vəssəlam. Məşədi Molla Həsən bunu da yazdı. Kərbəlayı Məmmədəli dedi: – Vəssəlam. Bir də yaz mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam. Di indi buları da yaz, vəssəlam. – Məşədi Molla Həsən bu sözləri də yazdı. Axırda Kərbəlayı Məmmədəli təvəqqə elədi ki, yazdığını bir dəfə oxusun. Molla başladı yazdığını oxumağa. “Əvvələn salam-dua… və saniyən…Ya rəbbül-aləmin…Ay ana, deyirlər İrana hürriyyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər və bir də mənim əvəzimdən bizim oğlanın üzündən öp və ayıb olmasın, ev adamının kefi necədi və hamı qohum-əqrəbaya dua göndərirəm. Vəssəlam”. Kağızı oxuyub qurtarandan sonra Məşədi Molla Həsən bu kağızı da qoydu Usta Cəfərin kağızının yanına, günün qabağına. Bu heyndə Usta Cəfər əlində bir çirkli paket gəldi, Məşədi Molla Həsən Usta Cəfərin kağızını və qələmi verdi ki, qol qoysun. Usta Cəfərin gözü sataşdı Kərbəlayı Məmmədəliyə yazılan kağıza və əyilib haman kağıza diqqətlə baxıb dedi ki: – Ay Məşədi Molla əmi, öz aramızdı, amma bu kişinin kağızını mənim kağızımdan yaxşı yazmısan? Bax mənim kağızımın xətti o qədər gözəl deyil, amma o kağızın xəttinə bax… Bu sözləri deyə-deyə Usta Cəfər Kərbəlayı Məmmədəlinin kağızını əlinə götürüb başladı ikisini də bir-biri ilə tutuşdurmağa. Kərbəlayı Məmmədəli də başını uzadıb əvvəl öz kağızına baxdı, sonra Usta Cəfərin kağızına baxdı və bir söz demədi. Məşədi Molla Həsən bu kağızları əlinə alıb, hər ikisinə eynəyinin altından diqqətlə baxa-baxa dedi: – Pəh-pəh… Afərin belə xəttə, bir-birindən gözəldi. Bu sözləri deyəndən sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə yazdığı kağızı səhvən verdi Usta Cəfərə, Usta Cəfərə yazdığı kağızı qoydu günün qabağına. Usta Cəfər bilməyə-bilməyə Kərbəlayı Məmmədəlinin kağızını molladan aldı, qələmi götürdü, kağızı qoydu sol dizinin üstə və hıqqana-hıqqana, kəhildəyə-kəhildəyə on dəqiqənin müddətində yaman-yaxşı adını yazdı, sonra yazdığı yerə bir çimdik torpaq töküb paketi qoydu qoltuğuna və ayağa durub, “xudahafiz” deyib getdi. Usta Cəfər uzaqlaşandan sonra Məşədi Molla Həsən Kərbəlayı Məmmədəliyə də dedi ki, gedib paket alıb gətirsin. Kərbəlayı Məmmədəlinin fikri bu idi ki, kağızı paketə qoymamış aparsın əvvəl Pərinisəyə göstərsin, sonra qoysun paketə. Məşədi Molla Həsən Usta Cəfərə yazdığı kağızı dörd qat büküb verdi Kərbəlayı Məmmədəliyə və dedi ki: – Sonra nə vaxt paketini gətirsən, üstünü yazaram. Kərbəlayı Məmmədəli kağızı götürdü əlinə və qələmi alıb hıqqana-hıqqana bir belə cızma-qara çəkdi: Məmməd ələd. Guya ki: Məmmədəli. Sonra dörd qat büküb qoydu qoltuq cibinə və durdu getdi. Kərbəlayı Məmmədəli gəldi evinə, kağızı qoltuq cibindən çıxarıb uzatdı arvadına və dedi: – Bax, Pərinisə, gedib kağız yazdırdım, göndərəcəyəm anama. Yazmışam ki, mənim hürriyyət payımı göndərsinlər. Həyə inanırsan, heç; inanmırsan, al apar kağızı hər kəsə istəyirsən oxut, gör belədi, ya yox. Pərinisə kağızı aldı əlinə, o tərəfinə baxdı, bu tərəfinə baxdı, sonra büküb qoydu taxçaya. Axşam vaxtı arvad kağızı götürüb qoydu qoltuğuna və getdi qardaşı Kərbəlayı Rzanın evinə. Kağızı çıxartdı verdi qardaşına və dedi: – Dadaş, sən Allah bu kağızı apar ver bir adam oxusun, görək burada nə yazılıb? Kərbəlayı Rza əvvəl kağızın əhvalatını bacısından soruşdu və bir qədər fikirləşib dedi: – Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş. Pərinisə soruşdu: – Niyə, dadaş? Qardaşı cavab verdi: – Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr? Pərinisə dedi: – Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi ki, gəlməsin? “Ərəblər” kəndi odur a… Arazın qırağındadı. Nə bir uzaq yoldu ki? Burdan ora üç-dörd günlük yoldu. – Yaxşı deyirsən, Pərinisə, “Ərəblər” çox uzaq yer deyil. Amma axı İrannan bura hürriyyət gələr? Pərinisə bir az acıqlı kimi dedi: – Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi gəlmiyə? Sən elə mənim hər sözümü axmaq hesab eləyirsən. Oxutmursan, ver mənə kağızı, mən özüm aparıb oxudaram. Kərbəlayı Rza kağızı vermədi və gülə-gülə dedi: – Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma vallah genə axırda mən deyən olacaq; çünki, axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr; yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyəni də mən eşitməmişəm. Pərinisə bir az fikir eləyəndən sonra genə qardaşından təvəqqə elədi ki, kağızı aparıb bir adama oxutsun. Qardaşı söz verdi ki, kağızı sabah oxudar. Sabah oldu və Kərbəlayı Rza kağızı apardı əvvəl Molla Orucəlinin yanına. Molla Orucəli iki ildi burada bir məktəb açıb və başına beş-on uşaq yığıb oxudur. Molla Orucəli kağızı aldı və diqqətlə baxandan sonra dedi ki: – Bu kağız tərəssül xətti ilə yazılıb. Çox qarışıq yazılıb. Mən bu xəttə aşina deyiləm. Apar elə bir adama oxut ki, bu xəttə aşina olsun. Kərbəlayı Rza kağızı aldı, apardı rus-müsəlman məktəbinin müəllimi Mirzə Həsənə nişan verdi və təvəqqə elədi oxusun. Mirzə Həsən həmin məktəbdə müsəlman dərsinin müəllimidir və özü də “seminariya” deyilən müəllimxanada təhsil eləyib. Mirzə Həsən kağıza diqqətlə baxıb dedi ki: – Bu kağızı yazanın əlləri çolaq olsun! Elə narın və rizə yazıb ki, oxumaq mümkün deyil. Kərbəlayı Rza kağızı Mirzə Həsəndən aldı və bilmədi daha kimin yanına getsin və kimə oxutsun. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, Əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola; çünki çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. Həmişə Məşədi Hüseyn danışanda Kərbəlayı Rza öz-özünə deyərdi ki: “Yəqin Məşədi Hüseyn alim adamdır”. Kərbəlayı Rza Məşədi Hüseynin dükanına yetişib, gördü ki, Məşədi tərəzinin bir çanağına bir parça nabat qoyub çəkir və müştəriyə bu sözləri deyir: – Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik babam həmişə məni qucağına alanda atama deyərmiş, bax, oğlum, Kərbəlayı İsmayıl, bu uşaqdan müğayat ol, bunun gözlərindən elm yağır. Bu uşaq əvvəl-axır alim olacaq. İndi mən baxıram ki, həqiqət də rəhmətlik babam bilirmiş ki, mən axırda nə olacağam. Amma, söz yox ki, elm elə bir şey deyil ki, öz-özünə gəlsin girsin adamın başına. Elmi təhsil eləmək lazımdır, sümük sındırmaq lazımdır; yoxsa elm bir elə şey deyil ki, öz-özünə gəlib girsin adamın başına. Elmi təhsil eləyincə insanın anadan əmdiyi süd adamın burnunun dəliklərindən gəlib tökülür. Heç bilmirsən başıma nə işlər gəlib, ayaqlarıma nə qədər çubuqlar dəyib, nə qədər kötəklər yemişəm. Axırı ki, gözümün nuru tökülüb, bir tövr alimlər cərgəsinə daxil olmuşam. Yoxsa, qadan alım, bu işlər zarafat deyil və bir də insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun. Hamı oxuyan alim olmaz. Kərbəlayı Rza yetişib kağızı tutdu Məşədi Hüseynin qabağına və dedi: – Məşədi əmi, Allah atana rəhmət eləsin, bir bax görək bu kağızda nə yazılıb? Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı və başladı diqqətlə baxmağa. Bir azdan sonra dedi: – Bu kağızı kim yazıb? Kərbəlayı Rza cavab verdi ki: – Bilmirəm kim yazıb. Gərək ki, məscid qabağında kağız yazan molla yazmış ola. Məşədi Hüseyn başladı kağızı oxumağa: “Əvvələn: ümdeyi-mətləb səlamətiyi-vücudi-zicudi-şümast. Və saniyən, əgər əhvalati-in canibra xastə başid, əlhəmdulillah səhih və səlamət həstim və nigarani nədarim sivai-duri-əz şüma. Xüdavəndi-aləm səbəbi sazəd və vəsileyi-xeyr əngizəd ki, didari-şərifi-şümara bəxeyrü-xubi didar nümayim. Amin, ya rəbbülaləmin!.. və bəd…”. Məşədi Hüseyn kağızı buraya kimi oxuyub burada dayandı və genə kağıza diqqətlə baxıb çətinliklə bu sözləri oxudu: “Qürbət vilayət”. Sonra genə duruxdu və kağızı işığa tutub başladı o tərəf-bu tərəfə çöndərməyə və genə diqqətlə baxıb hıqqana-hıqqana bu sözləri oxudu: “Çünki”… Bir-iki dəfə də Məşədi Hüseyn “çünki”, “çünki” deyib dayandı; kağızı qoydu tərəzinin çanağına və üzünü tutdu Kərbəlayı Rzaya: – Balam, bu kağızı yazanı mən tanıyıram. Bunu yazan Məşədi Molla Həsəndir. Zalım oğlu, zalım, yazdığı kağızı heç kəs oxuya bilməz; çünki Məşədi Molla Həsən doğrudan dərin molladı. Mən deyirəm Təbrizdə də belə oxumuş adam az tapılar və Məşədi Molla Həsən yazdığı kağızı az-az adam oxuya bilər. Maşallah kağız yazana! And olsun Allaha, kişiyə deyəsən vergi verilib. Bir xəttə bax, xəttə bax! Bu sözləri deyə-deyə Məşədi Molla Hüseyn genə kağızı götürdü əlinə və başladı tamaşa eləməyə. Kərbəlayı Rza aldı kağızı və qoydu cibinə və istədi qayıdıb gəlsin evə. Məscidin yanından keçəndə Kərbəlayı Rzanın fikrinə gəldi ki, kağızı yazan haman eynəkli molladır ki, məscidin qapısında səkinin üstündə oturub, bir kəndliyə kağız yazırdı. Kərbəlayı Rza Məşədi Molla Həsənin yanına gəlib dedi: – Səlamün-əleyküm, Molla dayı! Molla dayı, sən Allah bir mənə de görüm dünən Kərbəlayı Məmmədəliyə sənmi kağız yazmısan? Məşədi Molla Həsən eynəyinin altından Kərbəlayı Rzaya diqqət edib cavab verdi: – Hansı Kərbəlayı Məmmədəliyə? Kərbəlayı Rza dedi: – Haman adama ki, yazıb onun hürriyyət payını özünə göndərsinlər. Məşədi Molla Həsən cavab verdi: – Bəli, bəli, mən yazmışam. Dünən yazdım. Yaxşı yazmışam, arxayın ol, yəqin göndərərlər; çünki yaxşı yazmışam. Deyəsən sən özün gəlib dünən yazdırdın? – Xeyr, mən deyiləm, mənim yeznəmdi. – Bəli, bəli, inşallah göndərərlər. Arxayın ol! – Allah atana rəhmət eləsin, xudahafiz! Kərbəlayı Rza bir az rahat olub gəldi evə və kağızı Pərinisəyə verib and içdi ki, kağız yazan molladan əhvalatı bilibdir və Kərbəlayı Məmmədəli kağızı necə ki deyir, elə də yazdırıbdır. Axşam Pərinisə kağızı verdi Kərbəlayı Məmmədəliyə ki, göndərsin vətənə. Kərbəlayı Məmmədəli kağızı götürdü və getdi makulu Hacı Əli adlı tacirin dükanına və kağızı Hacı Əliyə verib təvəqqə elədi ki, Makuya gedən olsa, kağızı versin aparsınlar Şahtaxtında versinlər çayçı Məşədi İskəndərə ki, Məşədi İskəndər göndərsin “Ərəblərə”, onun anasına. * * * Aradan bir ay keçdi. Gündə bir dəfə Kərbəlayı Məmmədəli axşamlar işdən evə gələndə Pərinisə soruşurdu: – A kişi, kağızdan bir xəbər varmı? – Kərbəlayı Məmmədəli cavab verərdi ki: – Bir xəbər yoxdu. Əvvəl vaxtlar Kərbəlayı Məmmədəli belə cavab verəndə arvadı deyərdi: – Yalan deyirsən, – və Kərbəlayı Məmmədəli and içərdi ki: – On iki imam haqqı yalan demirəm: Arvad genə deyərdi ki: – Yalan deyirsən-və Kərbəlayı Məmmədəli cavab verərdi: – Həyə yalan deyirəm, atama nəhlət! – Arvad deyərdi: – Bəlkə heç kağızı göndərməmisən? – və Kərbəlayı Məmmədəli cavab verərdi ki: – Qoy qardaşın Kərbəlayı Rza getsin makulu Hacı Əlidən soruşsun görsün, göndərmişəm ya göndərməmişəm. Axır vaxtlarda da Kərbəlayı Məmmədəli deyəndə “kağızdan bir xəbər yoxdu”, Pərinisə başlardı əri ilə dava-mərəkə eləməyə ki, “yəqin kağızdan xəbər var, amma sən məndən gizləyirsən”. Dəxi burada and içməkdən başqa Kərbəlayı Məmmədəlinin özgə bir çarəsi olmazdı. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb, başladı Kərbəlayı Məmmədəlini təpikləyib oyatmağa. Kərbəlayı Məmmədəli oturdu və başladı gözlərini ovuşdurmağa. Arvad ərinə dedi: – Kərbəlayı Məmmədəli, indi bu gün kağızdan yaxşı xəbər çıxsa mənə nə verərsən? Kərbəlayı Məmmədəli dedi ki: – Hər nə desən, verərəm. – Pərinisə başladı ki: – Bu gün yaxşı xəbər gələcək. – Əri soruşdu ki: – Nə bilirsən? – Arvad cavab verdi ki: – Yuxu görmüşəm. – Kərbəlayı Məmmədəli genə soruşdu ki: – Nə yuxu görmüsən? – Pərinisə cavab verdi: – Nə işin var nə yuxu görmüşəm? Amma mən bilirəm ki, bu gün yaxşı xəbər gələcək. – Genə Kərbəlayı Məmmədəli başladı yalvarmağa ki: – Sən Allah, de görüm, nə yuxu görmüsən? – Pərinisə cavab verdi ki: – Yuxumu demənəm. Desəm, çin olmaz. Kərbəlayı Məmmədəli paltarını geyib, durdu getdi işə və günortadan iki saat keçmiş qayıdıb gəldi evinə. Pərinisə soruşdu: – Nə var, nə yox? – Əri cavab verdi ki: – Bir şey yoxdu. Pərinisə gətirdi ərinin qabağına pendir-çörək qoydu və özü də oturdu ərinin yanında. Kərbəlayı Məmmədəli çörəkdən bir tikə ağzına qoyub başladı: – Ay qız, bə sənin yuxun necə oldu? Bə deyirdin: bu gün xəbər çıxacaq? Pərinisə belə cavab verdi: – Kərbəlayı Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gələcək. Onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara bacımın yuxusunu nağıl eləmişdi. Molla demişdi ki, qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə sevinirəm. Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik məni çox istərdi. Hə… eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı; elə yekə çuvallar idi ki, nə bilim bu dam boyda… Kərbəlayı Məmmədəli qah-qah çəkib dedi: – Ay qız, ay qız, dam yekəlikdə də çuval olar? Qah-qah-qah… Pərinisə başladı and içməyə: – Yalan deyənin atasına nəhlət! Vallah, yalan demirəm. Elə bu dam yekəlikdə idilər. Hə… mən çıxdım rəhmətliyin qabağına və dedim, – indi çıxmayım və indi deməyim, – dedim: ay əmidostu, sənhəzrət Abbas, bu nə xəcalətlikdi mənə verirsən? Rəhmətlik gəlib məni qucaqladı. – İndi qucaqlamasın. – O üzümdən öpdü, bu üzümdən öpdü və qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət eləsin, torpağı sanı yaşıyasan, məni çox istərdi; indi istəməsin. * * * Pərinisə bu sözləri deməkdə idi, Kərbəlayı Məmmədəlinin qulağına “hoqquş…hoqquş…” səsi gəldi. Ər-arvad üzlərini həyətə tərəf çöndərib gördülər ki, həyətə bir ulağ girdi, ulağın üstündə bir arvad və yanında bir kişi. Pərinisə və Kərbəlayı Məmmədəli əvvəl bilmədilər ki, bu gələnlər kimdirlər; hətta Kərbəlayı Məmmədəli zarafatla dedi ki: – Ay qız, yuxun çin oldu. Budur Şərəbanı əmidostun sənə qarpız gətirir. Pərinisə genə diqqətlə həyətə girənlərə baxıb, durdu ayağa. Kərbəlayı Məmmədəli də bir qədər diqqət eləyib birdən “vay!” – deyib qaçdı evin bucağına və istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akoşkaya tərəf və istədi akoşkanı sındırıb özünü salsın eşiyə. Sonra genə həyətə baxıb, qayıtdı qapıya tərəf və göz-gözə verib özünü saldı həyətə və başladı naçmağa. Ulağ üstə gələn arvad əlinə bir daş alıb, başladı Kərbəlayı Məmmədəlini qovlaya-qovlaya söyməyə: – Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?! Arvadın yanındakı kişi də Kərbəlayı Məmmədəlinin üstünə hücum elədi. Arvad əlindəki daşın birini atdı Kərbəlayı Məmmədəliyə. Daş gedib dəydi toyuqların birinə. Kişi əlindəki ağacı tulladı Kərbəlayı Məmmədəliyə. Ağac gedib dəydi divara. Kərbəlayı Məmmədəli həyətin alçaq divarından aşıb düşdü o biri həyətə və qaçdı. Pərinisə evin içində başladı “havar”, “havar” deyib bağırmağa. Həyətdə arvad və kişi Kərbəlayı Məmmədəlini o cür söyürdülər, necə ki, küçədə on yeddi-on səkkiz yaşında müsəlman uşaqları aşıq oynayanda bir-biri ilə söyüşürlər. Kərbəlayı Məmmədəlini qovlayan arvad onun “Ərəblər”dəki arvadı idi; həmin kişi də arvadın qardaşı idi. Dəxi bilmirəm mərəkənin axırı hara çatdı. 23 noyabr 1906, Tiflis * * * Dəllək Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi: "Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu. "Bala, get sən də burnunu qanat!" — anası Məmmədvəliyə dedi. Məmmədvəli getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa. Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə: "A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik--kəsilmir; gəl bəlkə sən bir çarə tapasan." Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb, başladı axmağa. "A kişi, qaç bazara--övrəti başladı uca səslə Sadıq kişiyə deməyə.--Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səriştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir." Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü. Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi: "Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan." Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi: "Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burnunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!" Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi: "Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğlunun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndi-aləm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz." Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi: "Usta, Allah atana rəhmət eləsin." Və usta Hüseyn pulu alıb cavab verdi: "Allah sənin də atana rəhmət eləsin." Sadıq kişi üz qoydu evinə getməyə. Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi. * * * Pirverdinin xoruzu Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin. Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tutub dedi: – A kişi, durma, min ulağı, get Zibeydəni gəti. Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir, o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşdaş” oynayırlar. Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi: – Vallah, dədə qoymayacağam gedəsən! Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu: – Bala, niyə qoymursan gedəm? Pirverdi cavab verdi: – Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram. Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi: – Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim. Pirverdi quyruğu əlindən ötürdü. İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlaşa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan. Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə. Molla Cəfər Qasım əmini evinə aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə: – Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox – övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var – hamısını daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər? Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi: – Axund Molla Cəfər, yaxşı fərmayiş buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmirəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm canın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır. – Ax, vay gününə Qasım əmoğlu, – Molla Cəfər deyir. Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi: – Qasım əmoğlu, əlini mənə ver. Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi. – Qasım əmoğlu, əlini ver mənə. Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə. – Qasım əmoğlu, qoy səni evləndirim. Qasım əmi ancaq başını buladı, amma bir söz demədi. – Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur. Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirtdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin haman ulağa və aparsın evinə. Qasım əmi genə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu. Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevincək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi: – Zibeydə xala, mənə xoruz gətirdin? Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə… Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım. * * * Fatma xala Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə. Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü. İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma başmağım düşdü” çığırtısı düşər yadıma. Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ilə bircə dəfə də nəinki səfərə, bəlkə həyətdən küçəyə də çıxmamışam. Soruşuram niyə, deyir-məhz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra “A kişi, qoyma başmağım düşdü”. Xülasə dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdı düşdü, deyərsən “A kişi, qoyma başmağım düşdü”, kişi də fayton olsa faytonu saxlar, dəmir yol qatarı olsa dəmir yol qatarını saxlar (hərçənd bu evi xarab dəmir yolu sürənlər heç sözə baxan adam deyillər). Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallahı, billahı başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib. Fatma xalanın əri Qatır ürküdən şəhərinin sakini Kərbəlayı Xalıqverdi Təzəkli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi təzə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəklidən atı gətirərdi evinə. Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən Allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi, ay arvad sən Allah əl çək, amma axırda razı oldu. Qatırlı şəhəri ilə Heydərli pirinin arası iki saatlıq yoldur. Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır. Heydərli piri çox kəramətli pirdi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq. Kərbəlayı Xalıqverdi atı çəkdi küçəyə və arvadı Fatma xalanı tərkinə alıb düşdü yola. Ər və övrət söhbət edə-edə gedirdilər. Ər məsələn belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb. Övrət belə söhbət edirdi: a kişi, sən Allah bir mənə de görüm, bu başıdaşlı nalbəndlər necə qorxmuyur atın qıçlarına mıx vururlar: bəlkə birdən at təpik atdı? Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa adama heç zad olmaz. Bir qədər bu cür söhbət edə-edə getməkdə idilər ki, birdən naqafil Fatma çığırdı: A kişi, qoyma, başmağım düşdü. Kərbəlayı Xalıqverdi atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yerə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım. Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!”. At bir qədəm də götürdü. Fatma xala qışqırdı: “Ay aman”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət eləməyə. Bir az da keçəndən sonra Kərbəlayı Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı. Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxarı qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi. At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə. Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belə danışırdı: – Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə. Kəndlilərin biri üzünü Molla Qurbanquluya tutub dedi: – A molla, and olsun bizi yaradan məxluqə, mən bircə dəfə də, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam. O biri kəndlilər də and içdilər ki, bir belə günah iş görməyiblər. Molla Qurbanqulu başladı: – Övrətinki odur ki, qatasan evə, qapısını qıfıllayasan. Məşədi Nurəli üzünü tutdu mollaya və dedi “a molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfıllayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn gedib su gətirsin”. Molla Qurbanqulu ucadan cavab verdi: pəh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su gətirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə? Övrətinki odur ki, qatasan dama, qapısına qıfıl vurub açarını qoyasan cibinə. Bir qədər də söhbətdən sonra Molla Qurbanqulu Məşədi Nurəlidən soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülküdənli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xalıqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə: – Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdidir. Mən o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayı Xalıqverdiyə qonaq olaram. Kişi doğrudan da Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görəm. Ay Məşədi Nurəli, halal olsun o atı ki, Kərbəlayı Xalıqverdiyə satıbsan. Mollanın bu sözlərini Məşədi Nurəli də təsdiq elədi və dedi ki, vaqiən Kərbəlayı Xalıqverdi çox dindar və namuslu adamdır. Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nəhlət sənə kor şeytan”. Molla Qurbanqulu dedi: Əstafürulla. Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxa-qorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mollanın üzünə. At, Məşədi Nurəlinin qapısına yetişib özünü soxdu həyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxır həyətə girib getdi başını soxdu çardağın altındakı öz axırına və daraşdı ot və saman çöplərini axtarıb yeməyə. Sonra Məşədi Nurəlinin övrəti və bir neçə sair övrətlərindən yığışıb bir tövr Fatma xalanı atdan yendirdilər. Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı. Yazıq Fatma xala!!! Lağlağı “Molla Nəsrəddin”, 29 sentyabr, 6 oktyabr 1906, №26–27 * * * Qurbanəli bəy Mirzə Allah sənə rəhmət eləsin!** Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi. Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb "haff' eləyirdilər, gah katdanm üstünə tullanıb "haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: "tişe"; yəni "yavaş". Və sonra genə girirdi içəri. Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi: Tez yarım girvənkə zəfəran tap. Qlava "baş üstə" deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu: Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu: Qlava, dörd-beş yüz yumurta lazımdır. Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi: Nə danışırsan? Burada mindən artıq yumurta var. Birdən qaçaqaç düşdü; dedilər "naçalnik gəlir". Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri. Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin di­bində quzulan və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər. Birdən qaçaqaç düşdü; dedilər "naçalnik gəlir". Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər imiş. Bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb, kefini soruşdu və sonra girdilər otağa. Bir qədər keçdi genə qaçaqaç düşdü; genə dedilər "naçalnik gəlir". Amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da "Qapazlı" kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi: Malades sobak, - və sonra qalxıb xanımı balkonda görüb çığırdı: İzdrasti! - və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı: Urra! - Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi: Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım. Xanım bir az güldü və dedi: Spasibo. Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri. Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər* arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi. Bir az keçdi genə qaçaqaç düşdü; dedilər "naçalnik gəlir". Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımm qabağına və çığırdı: Naçalnik idyot. Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get... axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb sağ əlini uzatdı xanıma və xanımm əlini öpüb qonaqlarla bir-bir əl-ələ verib qalxdı balkona və girdi otağa. Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bır neçəsi arvadları ilə gəlmişdilər. Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stekanın qendini qanşdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi. Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı: Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar. Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların hamısı qaçdılar akoşkaların qabağına. Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi. Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda bir ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar. Hərdən bir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb, hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdənbir nərə təpib, qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı: Buna bax ha! Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır? - Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq yur. Genə naçalnik akoşkaya tərəf yeriyib, başladı Qurbanəli bəyin atına tamaşa eləməyə; sonra Qurbanəli bəyə'çönüb dedi: - Nə gözəl atdı! Doğrudan, Qurbanəli bəyin atı gözəl at idi. Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi: Peşkəşdi. Naçalnik Qurbanəli bəyə dedi: Sağ ol - və genə başladı ata tamaşa eləməyə və genə Qurbanəli bəyə üzünü tutub soruşdu: Qaçmağı necədi? İti yüyürürmü? Qurbanəli bəy naçalnikə dedi: Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam qurumsağam. Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər. Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfində naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular. Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi: Mübarək olsun xanımın ad bayramı. Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar. Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içməyib. Xanım bəydən soruşdu ki: Niyə içmirsiniz? Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəh-qəh çəkib dedi ki: Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən? Qonaqlardan bir neçəsi güldü və bir neçəsi də dedi ki: Götür iç!.. Axırda Qurbanəli bəy rumkasmı götürdü əlinə və dedi: A kişi, siz Allah bu nədi? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikərlər; yoxsa bizlərdə bunnan araq içməzlər. Qonaqlar bu sözləri eşidib genə qəh-qəh çəkib güldülər və pristavın xanımı dedi: Da, da, doğrudur. Gunah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz. Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi: Bax, buna nə demişəm?!.. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox. Qonaqlar genə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə. Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar. Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər. Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər "urra" de­yib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə. Ağalar və xanımlar yendilər. Kəndlilər genə "urra" çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə. Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi: Axmaq oğlu, axmaq, bə sən niyə yallı getmirsən? Kərbəlayı Qasım başını əydi aşağı və dedi: Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz. Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımm çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi: Yapış, heyvan balası, heyvan! Yoxsa vallah döyə-döyə səni öldürərəm! Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər-istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı: Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur mənə çaxır gətirsinlər. Urra, urra! Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa. Bir qədər keçdi, genə bir stəkan içib çığırdı: Xanımın sağlığına - və genə başladı dolanmağa bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi: İç. Kərbəlayı Qasım başladı yalvarmağa: Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm. Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi. Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi: Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə ki­mi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı, ay axmaq, sən ki, üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir. Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi: Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir. Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımlarm biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, "zurnanın səsindən az qalır qulaqlarım tutulsun". Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular. Toyum səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı. Ədə, çalm, namərdlər! Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi: Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı: Ədə, çalın! "Uzun dərə" çalın/ Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub bəyə dedi: Bəy, hələ sonra oynarsan. Göndər nökərini sizin atınızı çəkib gətirsin, mən istəyirəm ata baxam. Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi: Naçalnik, qurbandı sənə mənim atım! Bu sözlərdən sonra bəy nökərini çağırdı: Kərbəlayı Qasım, tez get atı çək gətir, naçalnik baxsın. Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavıqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. At başını göyə qalxızıb çəkildi bir tərəfə.. Qurbanəli bəy çığırdı ata: Tərpənmə, axmaq! Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi: Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax bu il dördünə ayaq qoyur. Naçalnik yavığa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı: Buna bax, ha! Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir o tərəfə-bu tərəfə baxıb kişnəyirdi. Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın fasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi: Moladets - və bəy cavab verdi: Naçalnik, bu nədi ki! Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə onu görəsən! Bu nədi ki, onun yanında. Kərbəlayı Qasım atı çəkib apardı. Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi: Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza. Bu sözləri deyib, naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çıqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi: Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı; çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım,urra! Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər stəkanda bir qətrə də çaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi: Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz buyurubsunuz. Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi: Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib - gedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki, bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra! Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı; sonra gedib oturdu yerində. Qonaqlar genə məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi: Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qoşunlanmızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına. Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çıqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:4 Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra! Bəy çaxırı çəkdi başına. Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxan qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi. Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxan qalxızıb dedi: Ağalar və xanımlar! Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra! Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi: Gələsən sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq? - Xanım baxdı ərinin üzünə və dedi: Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir. Əfsər də arvadından soruşdu: Gedərsənmi? - Arvadı dedi: Gedərəm. Qonaqların biri də dedi ki: Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm. Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı: Necə plov? Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınızsa Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım! Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa; guya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki: Çağırın o axmaq oğlunu gəlsin. Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki: Sən zəhmət çəkmə, nökərlər çağırarlar gələr. Bəy genə başladı plovu tərifləməyə. Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə. Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi: A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən. Qurbanəli bəy naçalnikə yaxınlaşıb hər iki əllərini qoydu gözünün üstə və dedi: Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu lotuyana deyirəm, mən təzvir-məzvir bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı peşkəşdi sənə. Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi: Get, o haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına! Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi: Niyə biçarə kişini oyadırsan? Nəyə lazımdır? Bəy cavab verdi: Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezlikdə yatsın. Qoy gəlsin görək kimin hünəri var mənim aşpazım bişirən plovu bişirsin?! Qonaqlar genə gülüşdülər. Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib, girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi: Kəblə Qasım, mən səni öldürərəm! Qonaqlar genə gülüşdülər. Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi: Niyə, başına dönüm, ağa? Bəy hirsli və uca səslə: Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar. Kərbəlayı Qasım alçaq səslə cavab verdi: Bəli, ağa, Əli yaxşı plov bişirir. Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi: Di, gördünüz? Di, gördünüz? İndi sözünüz nədi? Qonaqların çoxusu cavab verdi: Doğrudu, doğrudu, inanırıq. Kərbəlayı Qasım çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi: Bu xəncəli soxaram sənin qarnına! Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi: Niyə, başına dönüm, ağa? Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi: Kimin hünəri var Əli bişirən plovu bişirsin?! İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdilər Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa. Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib, xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi: Əli, bu xəncəli soxaram qarnına! Nökər cavab verdi: Ixtiyar sənındi, aga! Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi: Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu. Bəy xəncərin tiyəsini arvada göstərib dedi: Gülpəri, bu xəncəli soxaram sənin qarnına! Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi: Bu xəncəli soxaram sənin qarnına! Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə. Bəyi yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb; yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara. Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samavara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdənbir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdlar dənlərdən yeməyə; amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına. Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki: Niyə belə gec gəldiniz? - Kərbəlayı Qasım cavab verdi: Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. - Xanım genə soruşdu: Pristavın qonağı çox idimi?- Kərbəlayı cavab verdi: Bəli, xanım, çox idi. - Xanım soruşdu: Kim idilər qonaqlar? - Kərbəlayı Qasım cavab verdi: Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı. - Xanım genə soruşdu: Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular? - Kərbəlayı Qasım cavab verdi: Yox, elə hamısı qanşmışdı bir-birinə. Qaravaş bu sözləri eşitcək öz-özünə dedi: Bıy, aman Allah! Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi: Sən Allah, Kəblə Qasım, nağıl elə görək qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan nə qayırırdı, kimnən danışdı, nə danışdı? Sən Allah, Kəblə Qasım hamısını nağıl elə. Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tutub çığırdı: Buna bax ha! - Xanım genə Kərbəlayı Qasıma dedi: Sən Allah, Kəblə Qasım, nağıl elə, görək. Kərbəlayı Qasım cavab verdi: A xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi. Xanım genə Kərbəlayı Qasımdan soruşdu: Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar? Kərbəlayı Qasım cavab verdi: Xanım mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki? Xanım genə soruşdu: Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışdımı? Kərbəlayı Qasım genə üzünü tövləyə tutub, çığırdı atların üstünə və xanıma cavab verdi: Ağam urus arvadlarıynan az danışdı; amma nəçəlniknən çox danışdı. Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samavarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu: Xanım, bu gün nə pişirim? Xanım qaravaşı çağırıb dedi: Bə Qurbanəli bəy gecə demədi ki, nə pişirək? Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi: Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. Xanım təəccüb elədi və dedi: Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki! Vallah, a xanım, ağam evə girən kimi xəncəlini çıxartdı və mənə dedi: "Xəncəlnən səni öldürərəm!". Xanım bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma: Kəblə Qasım, ağan niyə hirslənmişdi? Kərbəlayı Qasım cavab verdi: Ağam heç zada hirslənməmişdi. Ancaq kəndə yetişəndə köpək oğlunun itləri töküldülər üstümüzə və atlarımızı hürkütdülər. Xanım durdu ayağa və dedi: Kəblə Qasım, yəqin ağan genə keflənmişdi. - Kərbəlayı Qasım cavab verdi: Xeyr keflənməmişdi. Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yaxınlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi: Əli, get, iki girvənkə ət al gətir, bozbaş pişir! Əli pulları aldı və dedi: Baş üstə. Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu tut ağacının dibində və hərdənbir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdənbir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi xanım da gəldi bunların yanına və başını qalxızıb, bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi: Siz çarşavı tutun, mən çıxım silkələyim. Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşava. Budağa bir iki təpik vurandan sonra Əli qalxdı bir az da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər "Sapıç" dağları, dağların ətəyində "Sapıç" kəndi aşikar görünürdü. Kəndin aşağısında "Əhmədxan gölü" ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burada, gah orada kotanlar və cütlər şum yerləri sürürlər. Həmin tamaşagaha bir qədər nəzər salandan sonra Əlinin gözünə bir belə şey də sataşdı: Hacı Heydər dəyirmanın yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna qulaq asmadı və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb, Əli üzünü tutdu aşağı və dedi: Kəblə Qasım, kəndə çoxlu atlı gəlir; amma kəndliyə oxşamırlar. Kəblə Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzü nə. Xanım dilləndi: Kəblə Qasım, çıx aşpazxana damına, gör neçə atlıdılar? Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa. Kəndin yavığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, "Mərəzə"nin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi: Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardı. - Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi: Dünənki qonaqların burda nə işləri var? Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi: Mən nə bilim, a xanım? Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur atlılarla; hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi: . - Get, de ki, ağa evdə deyil. Əli qaçdı küçə qapısına və xanım qaçdı evə, Qurbanəli bəyi oyatdı. Bəy "a...a..." eləyib çöndü o biri səmtə, arvadı dedi: A kişi, dur, dünənki qonaqlar gəliblər bizə. Qurbanəli bəy genə "a., a.. " eləyib gözlərini açdı və arvadına dedi: Cəhənnəm ol! - və genə gözlərini yumdu. Arvadı genə dedi. Qurbanəli bəy gözlərini açıb, qalxdı oturdu və soruşdu: Nə deyirsən? Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfınə-bu tərəfınə, arvadına dedi: Qoy desinlər ağa evdə deyil. Arvadı genə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşav kimi saldı başma, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna. Nökərlər qonaqlara dedilər: Ağa evdə deyil. Naçalnik bu cavabı eşidib təəccüb elədi; habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu: Bəy hara gedib ki, evdə deyil? - Nökərlər cavab verdilər: Bilmirik. Naçalnik bir qədər dinməyib genə soruşdu: Bəs o ki özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı? Nökərlər cavab verdilər ki: Bılmirik. Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki: Dəxi niyə dururuq, qayıdaq gedək. Naçalnik də buna razı oldu; amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu: Bəyin atları tövlədədir? Kərbəlayı Qasım dedi: Bəli. Bu heyndə tövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi: Çox əcəb. Biz bu qədər yolu zəhmətlə gəlmişik; barı heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq. Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi: Buyurun! Naçalnik, iki pristav, mal həkimi, xanımların ikisi və kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb, qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi: Bu elə bəyin dünənki atıdır. Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu: Budurmu bəyin tərifli atı? – Kərbəlayı Qasım dedi: Bəli. Qonaqlar başladılar atın o tərəfinə bu tərəfınə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yaxınlaşan kimi naçalnik dik atıldı və çığırdı: Ax, çort vozmi! Axurun içində guya kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi: A.. .a.. .a.. rəfiq, sən burda imişsən!!... Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda. Qurbanəli bəy yerindən heç tərpəşmədi. Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə. * * * Təzə xəbər Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı: – Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki? Bu heyndə Çərçi Zalxa girdi Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başladı məzəmməti: “Ay qız, bəlkə özgənin həyətində kişi-zad var, ayıb deyil məgər xalqın həyətinə baxırsan?”. Gəlin cavab verid ki, “sarı toyuğumuz keçmişdi Fatma xalagilə, onu soruşurdum”. Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxanda Xansənəm əmidostuya rast gəldi. “Ay salaməleyk, ay əleykəssalam nə var, nə yox, ay Zalxa bacı?”. Çərçi Zalxa küçənin o tərəfinə, bu tərəfinə baxıb ağzını aparıb yapışdırdı Xansənəm əmidostunun qulağına və belə pıçıldadı: “Tükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eliyirdi, vallah mən özüm gözümnən gördüm. Amma sən Həzrət Abbas bir kəsə demə”. Xansənəm əmidostu gedirdi Şərəbanı bacıgilə. İçəri girən kimi: “Salaməleyk, əleykəssalam. Ay qız nə var, nə yox, uşaqlar necədir?” – Allaha şükür. Sizin Sadığın qarnı necədi, indi maşallah deyəsən bir az köpü yatıb?.. Xansənəm əmidostu o tərəfə, bu tərəfə baxıb başını əydi Şərəbanı bacının qulağına və yavaşca dedi: “Eşitmisən təzə xəbəri ya yox?” “Yox, eşitməmişəm”. Ay qız Şərəbanı, vallah, Allah bizim başımıza daş salacaq. Deyirlər ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə yenib Fatma xalanın oğlunan oynuyurmuş və naqafil bu yandan da gəlinin əri çıxıb, yəni Tükəzbanın oğlu çıxıb görüb və arvadını da o qədər döyüb ki, indi deyirlər o matışka -qızı matışka yorğan-döşəkdə yatır. – Ay qız, nə danışırsan?.. – İmam haqqı doğru deyirəm. Bir saat keçmədi ki, təzə xəbər şəhərin hər yerinə yayıldı. Şərəbanı xala Əsmər xalaya, Əsiər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana... Axırda da bu xəbər Tükəzbanın özünə çatdı. Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdan kimi Tükəzban durdu ayağa və çadrasını axtara-axtara dedi ki, “dəxi mən matışkaynan bir evdə oturmanam; ya bu evdə gərək mən qalam, ya gəlin qala”. Xülasə, Kərbəlayı Qasım anasını qoymadı getsin. Və hirs ilə gedib yapışdı övrətinin boğazından ki, boğub öldürsün. Səhər açılınca üç dəfə ana və oğul gəlini saldılar dəyənək kötəyinin altına. Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin oldu ki, bu deyilən sözlər böhtandı, amma genə hərdənbir Kərbəlayı Qasım bikarlıyanda övrətini salardı kötəyin altına ki, “niyə sən divardan Fatma xalaynan danışdın?..” “Molla Nəsrəddin”, 30 iyun 1908-ci il, №26 * * * Quzu Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki: – Bir sümüknən bir dəridən savayı bir şey yoxdu. Arvadı məsləhət gördü ki, quzunu ötürsünlər bir neçə gün bağçada otlasın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. Heyvan göy otu gördu , amma ağzını ota uzatmadı. Həmin vaxt qonşuluqda Əziz xanın evindən kişilərin oxumaq səsi gəlirdi və Əziz xanın öz səsi aşkar eşidilirdi: Nə durmusan dağ başında qar kimi? Məmələrin baş veribdi nar kimi, nar kimi… * * * Kəblə Məmmədhüseyn quzunu boşlayıb girdi evinə, şalını götürüb bağladı, çuxasını geydi, tütün kisəsini qoydu cibinə, çubuğunu taxdı belinə və arvadına dedi ki: – Quzunu aparıram. – Arvad cavab verdi ki: – Həyə satmağa aparırsan, o quzuya heç bir manıt da verməzlər. – Yox, satmağa aparmıram, xanlığa aparıram. Bəlkə bir şey qopardam. Bu sözləri deyə-deyə Kəblə Məmmədhüseyn yendi həyətə, əyilib quzunu qucaqladı, vurdu qoltuğuna, çıxdı küçəyə və üz qoydu Əziz xanın evinə tərəf. Çəpik və oxumaq səsi gəldikcə yavıqlaşırdı. Nə durmusan dağ başında… Məmələrin nar kimi… Xülasə, xanlıq qapısında bir-iki kəndli durmuşdu, həyətdə də bir dəstə kəndli ucadan danışırdılar. Bağçada yekə tut ağaclarının dibində beş-altı quzu otlayırdı. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. Aşpazxanadan qab-qacaq səsi gəlirdi. Xanlıq qulluqçularından bir neçəsi aşpazxanadan evə xörək və evdən aşpazxanaya boş qab-qacaq daşıyırdılar. Kəblə Məmmədhüseyn düz gəldi pilləkanlardan qalxdı qabaq otağa və nökərlərin birinə dedi: – Sadıq əmoğlu, xana ərz elə ki, Məmmədhüseyn quzu gətirib. Bir az keçdi, Əziz xan bərk kefli, çörək dəsmalı ilə dodaqlarını silə-silə çıxdı qabaq otağa və quzunun başını Məmmədhüseynin qoltuğunda görəndə gəldi yavığa və durdu quzunu tumarlamağa: – Quzu, quzu, nə yaxşı quzu, nə göyçək quzu. Quzu, quzu, quzu!.. – Və məhəbbətin şiddətindən başladı quzunun gözlərindən öpməyə. Kəblə Məmmədhüseyn də durdu quzunu tərifləməyə: – Xan, maşallah çox nəcib quzudu. Bir kəndli aparırdı satmağa, zornan üç manat verib aldım. Bildim ki, qonağınız var, dedim bəlkə lazım ola, plov altına qoyasınız. Çox yeməli quzudu. İçəri otaqda çəpik səsi bərkidi. Rus qonaqlarının biri qapını açıb Əziz xanı çağırdı. Xan dönüb qaçdı qonaqlara tərəf, genə qayıtdı Məmmədhüseynə tərəf, əlini saldı cibindən bir kağız üçlük çıxartdı. Pulu genə istədi cibinə qoya, sonra istədi Məmmədhüseynə verə, genə istədi cibinə qoya, axırda atdı Məmmədhüseynə və qaçdı içəri. Kəblə Məmmədhüseyn pulu qoydu cibinə, yendi həyətə ki, quzunu ötürsün bağçadakı quzuların içinə. Kəndlilər genə həyətdə “arx” barəsində ucadan bəhs eləyirdilər, nökərlər də genə sağa-sola qaçmaqda idilər və heç kəs Məmmədhüseynə baxmırdı. Bu da çuxasını çəkdi qoltuğundakı quzunun başına və üzünü küçə qapısına çöndərib çıxıb getdi evinə. Və həmən gün quzunu kəsib yedi… Amma doğrudan da quzu çox arıq imiş. İkinci dəfə Aradan bir həftə keçmişdi ki, Kəblə Məmmədhüseyn gəzə-gəzə gəldi Əziz xanın həyət qapısına. Xanın nökərlərindən biri həyətdə palaz çırpırdı və Məmmədhüseyni görəndə palazı qoydu yerə, gəldi qapıya. Bunlar başladılar o üzdən-bu üzdən danışmağa. Həyətdə iki quzu görsənirdi və Kəblə Məmmədhüseyn nökərə nəsihət elədi ki, küçə qapısını açıq qoymasınlar; yoxsa quzular çıxarlar küçəyə, oğul-uşaq tutub aparar. Nökər də bunun cavabında dedi ki: – Arxayın ol, heç bir köpək oğlu cürət eləyib xanın quzusunu aparmaz! Söhbət özgə yana çöndü. Məmmədhüseyn başladı xanın əhvalını soruşmağa və xəyalında tutmuşdu ki, bilsin nə vaxt xan genə qonaqlıq eləyəcək. Nökər söhbət arasında dedi ki: – Sabah yox, biri gün miravay pasrednik xana qonaq gələcək və urus həkiminin arvadı da gələcək və bunlardan savayı Dəmirtəpə pristavı da gələcək, Qulam xan da gələcək, Səfi xan da gələcək. İki gündən sonra Əziz xanın evində genə qışqırıq qopmuşdu. Bu dəfə məxsusi çalıb-oxuyanlar da var idi. Həyət qapısı dolu idi küçə uşaqları ilə. Kəblə Məmmədhüseyn uşaqları aralayıb qapını taqqıldatdı; çünki hərçənd qapı açıq idi, amma istəmirdi həyətə girsin. Otaqda oxuyub çalanların səsi, qonaqların çəpiyi, həyət adamlarının hay-küyü qarışmışdı bir-birinə. – Vəliqulu əmoğlu, Vəliqulu əmoğlu, bir bura gəl! Xanın Vəliqulu adlı nökəri əlində çörəyi tez aparıb yerinə qoyub, qaçdı küçə qapısına. Kəblə Məmmədhüseyn buna salam verib, kefini soruşandan sonra dedi: – Vəliqulu əmoğlu! Axı insaf deyil, mən kasıb adamam, xana bir tövr ərz elə quzunun üç manatını iltifat eləsin. Sən öləsən, məhəttələm. İki həftədən çoxdu, ha gedib gəlirəm. Amma, vallah, axı utanıram. Vəliqulu belə cavab verdi: – Yaxşı, deyərəm. Amma indi xanın başı qarışıqdı, sabah deyərəm. Vəliqulu istədi qayıdıb getsin, amma Məmmədhüseyn onun ətəyindən yapışıb əlini saldı boynuna: – Yox, yox, mən ölüm, indi get de. Mən ölüm indi de! – Ay Allahın bəndəsi, indi mən xana necə gedim belə sözü deyim? Məyə görmürsən qonaqlar başını necə qatıbdırlar? Məmmədhüseyn hirsləndi: – Allahü-əkbər! Bu da mənə söz oldu? Mən ki, öz pulumu istəyirəm, bunun nə dəxli var? Əmoğlu, sən Həzrət Abbas, bu saat get mənim pulumu al, gəti. “Vəliqulu! Vəliqulu” – deyib Vəliqulunu aşpazxanadan çağırdılar, bu da Məmmədhüseynə vədə verdi ki, bir tövr düzəltsin və qaçıb girdi aşpazxanaya, plov məcməisini iki əlli qalxızdı yuxarı və çaparaq apardı qonaq otağına. Cavan xanlardan biri çalğıçıların qabağında oynayırdı. Qonaqlar əl çalırdılar və oynayan cavan oynaya-oynaya getdi durdu həkimin arvadının qabağında və baş elədi bu da dursun oynasın. Xanım başladı çəm-xəm eləməyə ki, mən oynamaq bacarmıram. Qonaqlar doluşdular bunun başına ki, gərək oynayasan. Axırda xanım durdu ayağa və çalğıçılara dedi ki, “tripaqa” havasını çalsınlar və düşdü oynamağa. Qonaqlar çəpik tutdular. Əziz xan çaxır stəkanını doldurdu, yeridi qabağa və “xanımın sağlığına” – deyib içəndən sonra cibindən bir üçlük çıxardı, apardı taxdı tar çalanın papağına və başladı çəpik çalmağa. Kəblə Məmmədhüseyn Vəliqulunun yubanmağına səbr eləməyib, girdi qabaq otağa və başladı oradan oynayanlara tamaşa eləməyə, Əziz xan bir üçlük də çəxartdı taxdı kamança çalanın papağına. Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb, istəyirdi otaqdan qaça aşpazxanaya. Məmmədhüseyn getdi durdu onun qabağında və nimçələri qucaqladı: – Mən ölüm, bu sahat qayıt, o üçlüklərin birini al gətir mənə! Vəliqulu bilmədi nə desin. – Bu lotu Hüsi sənə qurban, sözümü yerə salma! Vəliqulu nimçələri qoydu taxçaya, qayıdıb girdi qonaq otağına və ədəblə getdi ağzını tutdu Əziz xanın qulağına. – Xan, o Kəblə Məmmədhüseyn yazıqdı, uşağı naxoşdur. Həkim gətirəcək, quzunun puluna gəlibdi. Əziz xan çəpik çalıb oxuyurdu: – Nə durmusan dağ başında qar kimi… – və oxuya-oxuya çıxdı qabaq otağa. – Hə, niyə gəlmisən, Məmmədhüseyn? – Xan, quzunun puluna gəlmişəm. – Hə, genə quzu gətirmisən? – Xeyr, xan, keçən qonaqlıqda gətirmişdim, xırda pulunuz olmadı ki, verəsiniz. Əziz xan əlini saldı cibinə, bir qayıtdı qonaqlara səmt, bir çöndü Məmmədhüseynə tərəf və başladı addax-buddax danışmağa: – Hələ pulu qalır? Niyə qalır? Niyə indiyə kimi qalır? Yaxşı, verrəm, get-get! Necə quzu? Hansı quzu? Hələ xırda pul yoxdu. Vəliquluya deyərəm versin…Nə durmusan dağ başında… – Oxuya-oxuya qaçdı qonaqların yanına; cibindən bir dəstə kağız pul çıxartdı, bir üçlük taxdı qaval çalanın papağına və bir üçlük də atdı Vəliquluya ki, versin Məmmədhüseynə. Kəblə Məmmədhüseyn üç manatı alıb yendi həyətə. Gecə yarısına bir saat qalırdı ki, qonaqlar başladılar dağılmağa. Amma Əziz xan əvvəl-axşamdan keflənib yatmışdı. Üçüncü dəfə Əhvalatdan bir neçə ay keçmişdi. Bir gün Kəblə Məmmədhüseyn Əziz xanın evinin qabağından keçəndə bildi ki, xanlıqda genə qonaqlıq var. Küçə qapısında iki fayton dayanmışdı. Genə bir faytonda iki nəfər rus çinovniki gəlib yendilər və girdilər həyətə. Kəblə Məmmədhüseyn bir qədər vaxt durdu qapıda, bir az baxdı gəlib gedənlərə; sonra çəkilib çömbəldi divarın dibində və çubuğunu çıxardıb başladı çəkməyə. Yarım saatdan sonra durdu, yavaş-yavaş gəldi dayandı qapının qabağında, başladı həyətə tamaşa eləməyə. Sonra nə fikir elədisə çöndü və bazara tərəf üz qoyub yavaş-yavaş çıxdı getdi. Bir neçə gündən sonra Kəblə Məmmədhüseyn oturmuşdu bulvarda skameykanın üstündə. Günorta vaxtı idi. Əziz xan dalıyca bir neçə kəndli, natoryus dəftərxanasının qabağından keçirdilər. Məmmədhüseyn durdu ayağa. Dal tərəfdən yavıqlaşdı xanın yanına və salam verdi. Əziz xan çönüb buna baxanda bu da iki əlini döşünə qoyub, ədəblə ərz elədi: – Xan, utanıram da deməyə, axı o quzunun pulu indiyə kimi qalır. – Əziz xan təəccüblə soruşdu: – Necə quzu? Məgər mən sənin pulunu vermədim? – Xan, doğrudu, cibinizdən bir üçlük çıxartdınız ki, verəsiniz, amma həmən üçlüyü verdiniz kamança çalana; yoxsa mənə vermədiniz. Hazır kamançaçı Əzim ölmüyüb ki! İstəyirsiniz, çağırın sual edin. Yoxsa qurban olsun sizə o üç manat, onun maliyyəti nədi ki, mən yalan ərz edim? Qurban olsun… Xan hirslənib Məmmədhüseynin sözünü kəsdi: – Niyə axı pulun indiyə kimi qalıb? Mən nə bilim nə puldu, nə cəhənnəm oğlu köpəyin quzusudu?! Küçənin ortasında başlamısan quzu belə gəldi, kamança belə getdi. Utanmırsan? Başlamısan bilmirəm nə quzu, nə axmaq oğlu, kamançaçı köpək oğlu, nə axmaq oğlu axmaq? Quzu, mən bilmirəm nə quzu? Başım qarışıb, iki min işim var; başlamısan küçənin ortasında bilmirəm nə quzu, nə zəhirmar oğlu zəhirmar! Xan bu sözləri deyə-deyə üz qoydu getməyə. Kəblə Məmmədhüseyn başını qalxızıb cürətlə dedi: – Xan, o üç manatnan mən nə dövlətli olacağam, nə kasıb. Qurban olsun sənə o üç manat. Ürəyini niyə sıxırsan? Əziz xan beş-altı qədəm də gedəndən sonra dayandı və cibindən üç manat çıxardıb Kəblə Məmmədhüseyni çağırdı: – Al quzunun pulunu. Kəblə Məmmədhüseyn pulu aldı qoydu cibinə, bircə bunu dedi: – Allah xana ömür versin. İyun 1914, Tiflis * * * Molla Fəzləli Minbərin dibində bir qərib molla oturmuşdu. Helə ki, mərsiyə tamam oldu və məscid sovuşdu, mən də camaatla çıxdım küçəyə, gördüm ki, haman tanıdığım molla mənim dalımca gəlir. Mən buna tərəf çönüb baxanda bu mənə çox ədəblə dedi: – Axund Molla Nəsrəddin, bu gecə sizə qonağam. Dedim: – Qonaq Allah qonağıdır. – Və üz qoyduq bizim mənzilə tərəf. Mollanın adı Axund Molla Fəzləli imiş. Yaşı olardı qırx beş-əlli. Boyu uca və azca arıq. Yol ilə söhbət edə-edə bunu da bildim ki, Axund Fəzləlinin peşəsi mərsiyəxanlıqdır və İrandan bir neçə gün bundan qabaq bizim vilayətə gəlib ki, məhərrəmlikdə məscidlərin birində mərsiyə oxumaqla bir qədər xərclik ələ gətirsin və qayıtsın vətəninə. Və söhbət arasında işarə elədi ki, bu barədə mən ona kömək edim. Mən əlimdən gələni vədə verdim və bunu da axunda təkid etdim ki, nə qədər bizim şəhərimizdədir, mənə qonaqdır. * * * Axşam vaxtı idi. Arvad çörəyi və çayı yerbəyer etdi. Yedik, içdik, bir qədər də söhbət etdik. Axundun kefi bir az da açıldı və hətta bir qədər də avazla oxudu. Səsi də babət idi; necə olmuş olsa, bütün ömrünü mərsiyəxanlıqda keçirib, onun səsi xeyli pişkin idi. Axunda o biri otaqda yer saldıq, yatdı. Gecənin bilmirəm nə vaxtı idi; gördüm uşaqların anası öz-özünə mırtdanır. Qulaq asdım, bir şey başa düşmədim. Bir az da keçdi, eşidirəm ki, arvad genə öz-özünə dillənir və deyir: – Başına kül, ay belə molla! Mən təəccüb elədim və bir qədər də qulaq asdım, gördüm ki, Axund Molla Fəzləli öz-özünə yavaşca “conəm-conəm” deyə-deyə oxuyur. Arvad da bunun oxumağına deyinirmiş. Bir qədər keçir, məni yuxu tutur. * * * Sübh tezdən durduq; çay-çörək yeyib qonağımızla şirin söhbət edə-edə çıxdıq bazara, getdik məscidə. Mən haman gün qazı ilə danışdım və qərar qoyduq ki, “Pir cavan” məscidində Axund Molla Fəzləli məhərrəmin onuna kimi mərsiyə oxusun. Axşam gəldik evə və arvada dedim ki, daha qonağımızın işi düzəlib və nigarançılıqdan çıxıb və ola bilər ki, gecəni rahat yata və bizi də bidar eləməyə. Bu axşam da mollanı müvafiq qayda çay-çörəkdən yana rahat edib yerini saldıq və özümüz də çırağı keçirtdik. Gecənin bir vaxtı elə bildim ki, uşaqların anası məni dümsükləyir. Ayıldım. – Arvad, nə var? Arvad gecə deyinə-deyinə cavab verdi: – Gör, başı küllü qonağın nə qayırır? Ay işığı idi. Akoşkadan görünürdü ki, tut ağacının budaqları öz-özünə hərəkət eləyir. Dedim bəlkə yel əsir; amma hava sakit idi. Akoşkaya tərəf sürünüb, başımı bir qədər həyətə tərəf çıxartdım və gördüm ki, qonağımız yatdığı otağın pəncərəsindən əlini uzadıb tut ağacının bir budağından yapışıb çəkir və ağ tutları bir-bir ağacdan dərib qoyur ağzına və “conəm-conəm” deyə-deyə oxuyur və bunu da deyir: – Ay qürbətdə məhtab gecələri təkcə yatan yazıq canım vay! Bunu görəndə çəkildim geri və arvadın qulağına dedim: – Ay arvad, hərənin dünyada bir dərdi var, Axund Molla Fəzləli də yəqin ki, dərdli insanların birindəndi. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına, yat. Dəxi məni şirin yuxudan bidar eləmə!.. * * * Sübh tezdən nədənsə həmişəkindən tez oyandım. Həyətdə haman tut ağacının dibində xalça saldırdım, samovarı qoydurdum və qonağımızla bahəm başladıq çay içməyə. Ağ tutun yetkinlərindən biri düşdü qabağımdakı stəkanın yanına və gecəki fəqərə gəldi durdu gözümün qabağında və qonağa dedim: – Axund Molla Fəzləli, siz tək möhtərəm vücudun barəsində mehmannəvazlıq şərtlərini deyəsən layiqincə əmələ gətirə bilmirəm; ondan ötrü ki, dünən gündüz mənim yadımda idi ki, gərək bu tutdan çırpıb yaxşı yetkinlərindən sizə bir padnos müvafiq qayda təqdim edə idilər ki, bizim vilayətin mətaını da dadıb, İranın tutu ilə fərqini mülahizə buyura idiniz. Xahiş edirəm əfv buyurasınız və bundan sonra meyliniz çəkən kimi əmr edəsiniz ki, sizə hər gün tut çırpıb versinlər; dəxi gecələr yuxunu özünüzə haram edib, ağacdan tut dərib yeməyə möhtac olmayasınız. Bu sözlərin qabağında Molla Fəzləli stəkanının qəndini qarışdıra-qarışdıra mənə belə dedi: – Axund Molla Nəsrəddin, mən Allaha min şükürlər edirəm ki, bu qürbət vilayətdə siz tək bir vücuda rast gəldim və nə qədər ki, sizin hüzurunuzda qonağam, dünyada bir nemət yoxdur ki, mən ona özümü tamarzı hesab edəm. O ki qaldı həmin tut məsələsi, söz yox ki, bu meyvə cəmi meyvələrin ən ləziz və nəciblərindəndir və mən nəinki bircə tuta, bəlkə də meyvəcatın heç birinə o qədər talib deyiləm. Bir surətdə ki, Allah evinizi abad eləsin, meylim olsa idi, ya dünən, ya bu gün istərdim. Və lakin gecə yuxudan bidar olmağımın illəti nəinki bir tutdur, xeyr, xeyr.– Siz, Allaha şükür, cəmi sirlərə vaqif gərək olasınız ki, insan ki, öz əhli-beytindən kənar oldu, əlbəttə onun üçün bir növ narahatlıq hasil olacaq; xüsusən mənim kimi bir Allah bəndəsi ki, bütün ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm və ömrümdə tək bir gecəni tək və tənha yatmamışam. Eh, xudavəndi-aləm sizin rütbənizi gün-gündən artıq eləsin. Nə eybi var, hər gecənin bir səhəri və hər zimistanın bir baharı olar. İnşallah əlbəttə bizim də görəcəkli günümüz var. İnsanın qisməti öz vaxtında gəlib özünə çatacaq. Eh, siz sağ olun, Allah kərimdi. Xudavəndi-aləm öz lütfü mərhəmətini siz tək vücuda müzayiqə buyurmasın öz birliyi xətrinə. Bəli, mətləb dəxi lap aşkar oldu. Haman günü axundu bir bəhanə ilə məscidə tək yola salıb qaldım evdə və arvadı çağırıb yavaşca ona dedim: – Ay arvad, axı bilirəm sən də gecələr yatmaq istiyirsən, vallah mən də yatmaq istiyirəm. Mənə gecə yarısı oyanıb yarı çağırmaq və tut ağacının budaqlarından tut dərib yemək lazım deyil və bilirəm ki, bu işlər sənə də lazım deyil. Amma bunu bil və eşit ki, nə qədər qonağımızın işi düzəlmiyib– bizi qoymuyacaq rahat yataq. Arvad məndən soruşdu ki, biz neyniyək ki, axund rahat yatsın? Mən acıqca dedim ki, gərək qonağımızı evləndirək. Sözün müxtəsəri hamısından yaxşıdır. Bizim arvadın Xeyransa adında bir dayısı qızı var idi; qırx-qırx beş yaşında bir dul arvad idi. Bir dəst paltara və on altı manat pula Xeyransanın siğəsini mən özüm oxudum Axund Molla Fəzləliyə və haman gün qonum-qonşu bekar arvadların köməkliyi ilə və xeyir-duası ilə Xeyransanı gətirdik təzə əri Molla Fəzləlinin otağına. Xeyli müvafiq gəldi. Hərçənd Xeyransanın bir gözü bir qədər məyub idi; amma dəxi nə eləmək, qismət belə imiş. Allaha çox şükür olsun! Arxayınlayandan sonra yatdıq. Dedim: – Ay arvad, Allaha çox şükür olsun, həmi qonağımızın arzusu ələ gəldi, həmi biz dəxi bundan sonra bidar olmanıq. Qonaqlarımıza çay-çörək göndərib arxayınlayandan sonra yatdıq. Allahü-əkbər! Lənət şeytana! A kişi, bilmirəm gecənin nə vaxtı idi, yuxuda qulağıma bir tıqqıltı gəldi. Gözlərimi açıb bir şey başa düşmədim. Bir qədər də qulaq verib gördüm ki, pəncərəmizin şüşəsini birisi yavaşca tıqqıldadır. Qalxdım və gözlərimin bulaşığını silə-silə gördüm ki, bir əmmaməli adam, əba çiynində durub həyətdə, pəncərənin qabağında. Baxdım ki, bu qonağımız Molla Fəzləlidir. Çox təəccüblə soruşdum: – Axund, nə var? – Qonağım yavaşca və guya xəlvətcə dedi: – Hamama. Mən cavab verdim: – Baş üstə! – və geyinib çıxdım həyətə və axundla bahəm getdik qonşuluqdakı hacı Cəfər hamamına. Bəhər hal, qəzavü qədərdən qaçmaq olmaz və gələcəyi bilmək tək bircə xudavəndi-aləmin şəninə yazılıb. Mən elə güman eləyə bilərdim ki, dəxi Axund Molla Fəzləlinin barəsində mən hər bir təklifimi yerinə yetirmişəm. Dəxi arxayın idim ki, bu beş-on günü o da mənim evimdə rahat olacaq və mən də öz otağımda öz əhli-xanəmlə rahat yatacağam. Amma belə deyilmiş. İkinci gecə də Axund Molla Fəzləli məni şirin yuxudan oyatdı və xahi-nə xahi apardı hamama. Əssəbrü miftahülfərəc heç eybi yoxdur. Hər şeyin dünyada intəhası olan kimi bu işlərin də əlbəttə bir axırı ola biləcək. Üçüncü gecə də yuxuda idim qulağıma tıqqıltı gəldi. Ayıldım və gördüm ki, Molla Fəzləli durub pəncərənin qabağında. – Axund, hamama!.. Dəxi qurtardı, dəxi hövsələmin qədəri o yerə kimi idi. Başımı pəncərədən çölə tərəf bir qədər çıxardıb dedim: – Axund Molla Fəzləli, dəxi məni bağışla, mən sizdən üzr istəyirəm. Səni mən and verirəm peyğəmbərə, mənim günahımdan keç. Mənim az qalır altmış yaşım ola, məndə o qədər sövq-səfa yoxdu ki, sənə yoldaşlıq eləyə biləm. Hər gecə hamama getməyə mənim taqətim yoxdu. Allaha şükür indi dəxi hamamın yolunu tanıyırsan; bu səfər də hamama mənsiz get. – Dedim və çəkildim. Yorğanı çəkdim başıma… Axund Molla Fəzləli mənsiz getdi hamama; amma haman gün də bizim evdən daşınıb köçdü Xeyransanın evinə. Məlum oldu ki, məndən inciyib; çünki bizdən gedəndə mən ilə görüşmədi. Bir həftədən sonra eşitdim ki, Xeyransanın təlağını verib, yığışıb gedib İran vətəninə. * * * Nigarançılıq Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü; ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi. Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu. Yevropa davasının səbəbindən şəhər basabas idi və mehmanxanalarda adam əlindən yer tapılmırdı. O səbəbdən dəxi genişlik və asudəlik axtarmağa macal olmurdu və ərz elədiyimiz kimi darışlığa hamı dözürdü. Bahalıq da ki, qaydası ilə. Üçüncü müsafir Məşədi Məmmədbağır əslən maarifpərvər bir şəxs idi və Tiflisdə xeyli tanışları var idi. Haman axşam bunun görüşünə müsəlman maarifpərvərlərindən iki nəfər cavan gəldi: biri qəzet müxbiri Mirzə Rza, təbrizli, özü də xeyli məlumatlı və qeyrətli bir cavan; ikincisi şair və ədib Həsən bəy Gəncəli, rus dərsi oxumuş və müsəlmanca da özünə görə təhsil tapmış bir vücud. Üçüncü nömrəyə bir samavar istədilər və bu beş nəfər ağa bir az vaxtda bir-birinə dəxi də mehriban olub başladılar şirin söhbəti. Yarım saat keçməmişdi ki, naxçıvanlıların görüşünə üçüncü bir nəfər də daxil oldu ki, bu da müəllim Mirzə Məmmədqulu idi. Ağalar məşğul oldular söhbətə və çay içməyə. Mirzə Məmmədqulu çayına qənd salıb üzünü tutdu həmşəhərlilərinə və dedi: – Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. Bir həftə olar ki, Naxçıvandan dadaşım yazmışdı ki, bizim Sadıq naxoşdu. Biçarə uşaq elə uşaqlığından sısqadı, amma o cür ki, kağızda yazılmışdı, mən doğrusu qorxdum. Əvvəl kağız yazdım və sonra tab gətirmədim, bir teleqraf da vurdum. İndi nə kağıza cavab var, nə teleqrafa. Odur ki, sizin gəlməyinizi eşidib özümü yetirdim bura ki, bəlkə dedim siz biləsiniz. Ola bilər ki, bizim Cəfəri bazarda-zadda görmüş olasınız, ya bəlkə bizim evdən bir şey eşitmiş olasınız. Qərəz ki, çox nigaranam. Məşədi Qulamhüseyn və Məşədi Heydər cavab verdilər ki, Sadığın kefsiz olmağını Naxçıvanda nə eşidiblər, nə də Cəfəri bazarda görüblər və hər ikisi heyifsiləndilər ki, bu işdən xəbərləri yoxdur. Ağalar həmin söhbətdə idilər ki, otağın qapısı yavaşca açıldı və genə örtüldü. Nömrədə söhbət edənlərin biri, ya bəlkə ikisi qapının bu cür açılıb örtülməyinə diqqət elədi: amma qalan qonaqlar bunu bilmədilər və bir-iki nəfər gördüsə də, buna əhəmiyyət vermədi. Qapını yavaşca açıb-örtən polis məmuru idi ki, paltarını dəyişib, arada camaat içində dolanırdı və özünü elə saxlayırdı ki, bir kəs bunun nə iş sahibi olduğunu duymasın. Həmin şəxs bir saat bundan qabaq küçədə gəzərkən “İslamiyyə” mehmanxanasına cəm olan müsəlmanlara diqqət salıb şəklənmişdi ki, bunlar işsiz deyillər və üçüncü nömrəyə yığışmaqlarında yəqin ki, bir politika və ya milli söhbətlər və tədbirləri var və əlbəttə ki, bir para cavanlar ola bilər ki, bəzi məsələlərə məşğul olsunlar. Hökumət məmuru qapını bir az açıb hərçənd ağaları gördü, amma, söz yox, bilmədi ki, haradan və nə danışırlar və dalanda artıq dayanmağı da lazımsız gördü; çünki mehmanxana sahibi və qulluqçuları deyə bilərdilər ki, “sən kimsən və nə istəyirsən?” Bu səbəbdən məmur yavaş-yavaş yendi küçəyə. Üçüncü nömrədə ağalar naxçıvanlı Mirzə Məmmədqulunun nigarançılığına təəssüf etdilər; çünki gördülər ki, bu biçarə həqiqətdə elə çox nigarandır. Şirvanlı Məşədi Məmmədbağır ikinci stəkanını çəkdi qabağına və üzünü Mirzə Məmmədquluya tutub dedi: – Mirzə, mən indi bilirəm ki, sən nə çəkirsən; çünki mənim də başıma gəlib. Doğrudan, bu nigarançılıq yaman şeydir, Allah heç kəsə göstərməsin. Bildir, yəni belə təxminən yeddi-səkkiz ay olar, yay fəsli idi, uşaqları göndərmişdim kəndə, özüm də şəhərdə idim; hava da nə qədər desən isti idi. Axşam oturmuşduq, çay içirdik. Ədib Həzmi də bizdə idi. Qapı açıldı, nökərimiz Qasım girdi içəri. Mən dik atıldım: “Qasım, nə xəbər?” Qasım cavab verdi ki, “Ağa, xanım deyirdi tez gəlsin kəndə” – “Niyə, nə olub? Doğrusunu de görüm, uşaq azarlamayıb ki?” – “Xeyr, xeyr. Vallah ay ağa, bir kəs azarlamayıb; amma balaca oğlan gecə səhərə kimi yatmayıb, elə hey ağlayıb. Bilmədim sancılanıb, ya nədi? Xanım məni göndərdi ki, harda olsan, durmayıb təşrif gətirəsən kəndə”. – Dedim: “Qasım, yəqin ki, bir zad var, məndən gizlədirsən. Doğrusunu de görüm, bəlkə məndən gizlədirsən? Bəlkə uşağın başına bir iş gəlib?”. Dəxi bundan artıq nökər mənə bir söz demədi. Amma indi axı insanın ağlı var! Mən öz-özümə fikir elədim ki, doğrudan əgər bir qorxulu mətləb, bir bədbəxtçilik olmasa, dəxi övrət məni buradan kəndə çağırmaz; özüm də ki, bir həftə yoxdur ki, kənddən gəlmişəm. Xülasə, ha fikirləşirəm, bir yana çıxarda bilmirəm. Durdum fayton tutdum. Qasımı da götürdüm, düşdüm yola. Yolda hava qaranlıqlaşdı. İndi gəl ki, fikrimə min cür şeylər gəlir: gah deyirəm ki, uşağın başına bir iş gəlib; gah deyirəm anası bəlkə azarlayıb, bəlkə nökər məndən gizlədir. Xülasə, kəndə yetişənə kimi mənimki mənə dəyib, lap ölüb getmişəm; dəxi məndə can qalmayıb. Axırda eşitdim ki, nə var, nə var uşaq axşamnan bir az sancılanmış imiş, axırda bir çay qaşığı yağ veriblər, yaxşı olub. Xülasə, bu nigarançılıq pis şeydir. Məşədi Məmmədbağır sözünü qurtaran kimi oturanlar bir səslə dedilər: – Bəli, nigarançılıqdan da dünyada pis şey yoxdur. Şair və ədib Həsən bəy Gəncəli durdu ayağa, boş stəkanına iki tikə qənd saldı və başladı özü üçün çay tökməyə və tökə-tökə dedi: – Sən hələ onu deyirsən, məşədi, amma o nigarançılığı ki, mən çəkmişəm, Allah heç kəsin başına gətirməsin. Üç il, ya bəlkə dörd ildi, – yaxşı yadımda deyil, – bizim Baxşəli bəy gedirdi Gəncəyə. Apardım vağzala, bileti aldım və yola saldım getdi. O günün sabahısı Tiflisə xəbər gəldi ki, dəmir yolda bir maşın uçub dağılıb və miniklərdən bir neçə nəfəri şikəst olub və neçəsi də ölüb. Mən bunu eşitcək, doğrusu, dəxi ölüb getdim. Hərçənd hansı maşının uçmağı məlum deyildi, amma deyəsən elə mənə yəqin olmuşdu ki, dağılan Baxşəli bəy minən maşındır. Götürüb Gəncəyə, dadaşıma teleqraf elədim. Allah rast saldı ki, xəbər haman gündə gəldi. Baxşəli bəy özü cavab vermişdi ki, “nigaran olma, səlamət gəlib yetişmişəm Gəncəyə”. Dəxi sonra heç məlum olmadı ki, uçan maşın hansı imiş; Bakıya gedən imiş, ya Batuma gedən imiş? Qərəz ki, hər kəs nə deyir desin, dünyada bu nigarançılıqdan pis şey yoxdur. Bu heyndə nömrənin qapısı genə bir qədər açıldı və genə örtüldü və lakin otaqdakılar etina eləmədilər. Genə ağalardan bir neçəsi dedi: – Bəli, nigarançılıq pis şeydir. Naxçıvanlı Məşədi Heydər papirosunu saldı ayağının altına və başladı bu cür söhbəti: – Həsən bəy, sən hələ yaxşı qurtarıbsan; hələ Allah rast salıb ki, sənin nigarançılığın bir gün çəkib. Amma o necədir ki, bir həftə nigarançılıqdan nə yuxu yuxuluyasan, nə yeyib-içməyə iştahan ola? Mən keçən Novruz bayramından bir həftə sonra getmişdim İrəvana; özüm də Hacı Məsum əminin oğlu Məşədi Səlimgildə düşmüşdüm. Çünki mərhum hacı Məsum mərhum əmim hacı Nemətlə yeganə dost idilər. Mən İrəvana çatan kimi hacının xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma və zorla məni apardı evlərinə. Lazımi hörmət və mehribançılıq… Xülasə, sözüm orda deyil. Gecə yeyib-içdik və yatdıq. Mən özüm, doğrusu, yuxuya heç o qədər inanan deyiləm; amma o gecə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib. Səhər durdum ayağa, heç kəsə bir söz demədim, çay içib Məşədi Ələkbərlə çıxdım bazara. Bir istədim vaqiəmə heç məna verməyəm, qulaq asmayam; amma gördüm ki, dəxi heç bir iş tuta bilmirəm; hər nə eləyirəm, yuxum gəlib durur qabağımda. Gördüm ki, iş belədir, götürdüm Naxçıvana bir “sroşni” tel vurdum. O gün axşama kimi qərarım lap kəsildi; bilmədim ki, nə qayırım. Yediyim haram, içdiyim haram. Xülasə, bir tövr gecəni keçirtdim. Səhər açıldı, amma teleqrafdan bir xəbər yox. Günortaya kimi beləcə gözü yolda qaldım. Nahar vaxtı idi ki, axır teleqrafçı girdi içəri və teli verdi mənə. Açıb oxudum. Teleqraf evdən idi, anamın dilindən yazılmışdı ki, “durma gəl Naxçıvana”. Elə bunu bilcək lap qurudum. Xülasə, nə başınızı ağrıdım, haman gün yığışdım düşdüm yola. Sabah axşam yetişdim Naxçıvana. Amma nainsaflar… Deməginən Məşədi Kazım da sağsalamat, hamı da salamat. Ancaq bir bağ sövdəmiz var idi, bağı özgəsinə verirmişlər; əgər mən özümü tez yetirməsəydim, bağ əldən çıxacaqmış. Müxtəsər, indi görün bu neçə günü mən nələr çəkmişəm. Vəssalam ki, bu nigarançılıqdan dünyada çətin şey yoxmuş. Axşamdan dörd saat keçdi. Qonaqların üçü durdu ayağa və “xudahafiz”, “salamat qal” eləyib, mehmanxanadan çıxıb getdilər və gedə-gedə yol uzunu genə öz-özlərinə deyirdilər ki, “doğrudan da nigarançılıq pis şeydir”. Mehmanxanada qalan Məşədi Heydər, Məşədi Qulamhüseyn və Məşədi Məmmədbağır da istədilər soyunub yatsınlar və bunlar da bir-birinə deyirdilər ki, “doğrudan da dünyada nigarançılıqdan pis şey yoxdur”. O ki, qaldı təğyiri-libas olan məmura, o da mehmanxananın həndəvərində çox vurnuxdu ki, bilsin aya bu millətpərəstlər nə xəyal ilə mehmanxanaya yığışıblar və bunlar görəsən nə siyasi məsələlər ortalığa qoyub müzakirə eləyirlər və nə tədbirlər tökürlər. Amma nə qədər səy elədi, bir şey başa düşə bilmədi və başa düşə bilmədiyindən çox nigaran qaldı. Həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur. * * * Konsulun arvadı Nahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyaların birinin üstə oturdum; amma genə bilmədim ki, nə qayırım. Bir qoca rus arvadı bir balaca uşağın əlindən yapışıb yeridirdi. Uşağın əlindəki tağalaq çörəklərin hərdənbiri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. Sonra bir rus saldatı ilə bir rus arvadı qol-qola gəlib qabağımdan keçdilər. Kənarda bir neçə gəzib-dolanan görsənirdi; amma bunların heç birindən mənə bir mətləb hasil olmadı və az qalmışdı duram bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən nağafil çıxdı. Mən çox sevindim və haman saat xəyalıma gətirdim öz mənzilimi: bir tərəfdə əyləşib Rzaqulu, bir tərəfdə əyləşmişəm mən özüm və ikimiz də dünyanı yaddan çıxardıb, cummuşuq şahmat oyununa. Rzaqulunu görcək bir söz deməyib, düz getdim yapışdım rəfiqimin qolundan və başladım bizə tərəf çəkməyə. Rzaqulu dayandı və soruşdu: – Hara? – Dedim: – Gedək. – Genə soruşdu ki: – Axı hara məni çəkirsən? – Dedim: – Vallah, onu-bunu bilmirəm, bu saat samavarımız dəmdə, şahmat da stol üstə qurulu. Ancaq bizi gözləyir. Dəxi burada bir özgə danışıq ola bilməz. Rzaqulu mənə belə cavab verdi: – Bax, gör nə deyirəm. Sənin o əziz canın üçün, mən özüm də neçə gündür istiyirdim gələm sənnən bir də oynayaq və dünən sən mənə namərdliklə verdiyin matın əvəzini iki dəfə səndən alam; amma indi qulaq ver gör nə deyirəm. Sən öləsən, bax buradanca çönək konsulgilə, ona ayaq üstə baş sağlığı verək, – çünki arvadı ölüb, – oradan da gedək sizə, səhərə kimi oynayaq. Mən bir qədər fikirləşdim və ürəyimdə Rzaqulunun təklifini o qədər də bəyənmədim və dedim: – Rzaqulu, dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. Əlbəttə sən ki, deyirsən konsulun arvadı ölüb, əlbəttə, Allah cəmi ölənlərə rəhmət eləsin. Ölü sahibini yoxlamaq insanın birinci nişanəsidir. Və lakin sən gərək bunu biləsən ki, ölü sahibini o yerdə yoxlamaq lazımdır ki, sənin yoxlamağına o möhtac olsun. Amma, Allaha şükür, İran konsulu və cəmi yer üzünün konsulları bir böyük əşxasdırlar. Sən səy et, elə bir kəsi yada sal və elə bir kəsin ölüsünün üstünə get ki, səni orada gözləyə bilsinlər və oraya sənin getməyin və getməməyin yada düşsün. Amma vallah, indi konsulun həyətində qurulan plov qazanlarının xatirəsi üçün şəhərin tamam əyanı və qeyri-əyanı bu sahat doluşublar konsulxanaya və bəlkə də hələ sənə oraya daxil olmağa macal verməyəcəklər. Bir də, qardaş, bax, sözün açığı, sən hara, konsul hara? Sən bir balaca müəllim, o ali bir vücud. Axı deyiblər: – Kəbutər ba-kəbutər, ta deməyiblər kəbutər ba-xoruz. Qardaş, Allahı sevirsən, gəl qoyaq gedək işimizə. Amma gördüm ki, moizəm bir nəticə bağışlamadı; çünki Rzaqulu qolumu boşlayıb istədi uzaqlaşsın, mən dayandım. Amma o bir əlli-altmış qədəm uzaqlaşan kimi, mən də onun dalıycan getdim. Rzaqulu çöndü və mənim gəlməyimi görəndə dayandı. Mən ona çatdım və dedim: – Bax, Rzaqulu, gedirəm, amma kişi kimi gərək söz verəsən ki, ayaq üstə fatihə verib qayıdaq. Rzaqulu buna razı oldu və getdik. Şəhər bağı ilə konsulxananın fasiləsi az idi. Küçə qapısında uzaqdan tək bircə adam görsənirdi; sonra gördük ki, bu haman qarauldur ki, həmişə əli tüfəngli konsulxananın keşiyini çəkir. Biz təəccüb elədik ki, bu günki gündə konsulun qapısında artıq adam görsənmir. Yavıqlaşıb istədik qarauldan bir mətləb öyrənək. Bu adam ucaboy, qara, çopur və çox çirkin bir şey idi və bizim sözümüzə heç bir cavab vermədi. Allah rast saldı nayib Cəfər dalandan qapıya tərəf çıxıb bizə salam verdi. Biz bundan konsulun evdə olmağını soruşduq və nayib Cəfər dedi ki, konsul evdədir. Bir qədər o bizim üzümüzə baxdı və bir qədər də biz onun üzünə baxandan sonra, nayib Cəfər bizdən soruşdu ki: – Yəqin konsul ilə işiniz var. – Mən bir cavab vermədim, amma Rzaqulu dedi: – Bəli, var. Mənim xəyalıma gəldi ki, kişi olan kəsdə bir az-maz cürət gərək olsun və özümü yığışdırıb mərd-mərdanə nayib Cəfərdən soruşdum ki, nə üçün bu günki gündə konsulun xidməti-şərifində adam-zad görsənmir? Nayib cavab verdi ki, günorta naharından sonra həzrət Xəllaqül-məmalik (konsulun adı imiş), – çün bir tərəfdən konsulxana ümuratının qüyudatı, bir tərəfdən həzrət əşrəfin sinninin təqazası – dəxi axşam vaxtları o qədər də şikayətçilərə, ya qeyri bir işə övqat sərf edə bilmir. Və lakin bir surətdə (ki) zəhmət çəkmisiniz, xub, burada bir qədər ayaq saxlayınız, içəridən bir xəbər gətirim. Nayib girdi içəri, biz qaldıq qapıda. Xub, bu nə olsun? Konsulun arvadı bu gün vəfat edib, genə necə olsa, konsulun arvadıdır və konsulun uşaqlarının anasıdı; bu necə olan işdi ki, bu gün xətir axşamı burada bir nəfər adam tapılmasın? Nayib Cəfər dalanın içərisindən bizi çağırdı və biz ikimiz də onun dalıyca bir otaqdan keçdik getdik, zal otağına daxil olduq və durduq qapının ağzında. Nayib Cəfər bizə iltifat elədi və oturmağa yer göstərdi. Mən qorxa-qorxa kresloların birinin üstə oturub, yumşaq məxmər döşəyin içinə elə quylandım ki, dedim ta buradan məni qaldıran olmasa, öz-özümə dura bilməyəcəyəm. Deyəsən Rzaqulu da mənim günümdə idi. Həmin böyük zal otağı əla fərşlərlə döşənmişdi. Qabaqda stolun üstə əla məxmərdən örtük salınmışdı və stolun üstə tək bircə lampa qoyulmuşdu. Lampanın ətrafına dörd dənə külqabı düzülmüşdü. Burada bizdən savayı bir kəs yox idi. Mən lap quruyub qaldım və yavaşca Rzaquluya dedim: – Biz buraya niyə gəldik? Rzaqulu göz elədi ki, dinməyim. İçəri otağın qapısı açıldı və əlli-əlli beş yaşında ucaboy, çinli və nişanlı bir İran sahibi-mənsəbi girdi bizim yanımıza. Mən tək bircə dəfə bunu görmüşdüm: bu, həmin İran konsulu Xəllaqül-məmalik idi. Biz hər ikimiz durduq ayağa və konsul çox xoşhallıq ilə bizə salam da verdi, keyfimizi də soruşdu; özü də ağzında bir şey şirin-şirin çeynəyirdi. Mən bilmədim ki, nə deyim. Rzaqulu da mat-mat baxırdı. Konsul cənabları bizə əyləşməyi təkid elədi və soruşdu ki, niyə dinmirik. Mən genə dinmədim. Rzaqulu da fikirli gözünü yerə dikmişdi. Axırda Rzaqulu bir belə nitq başladı: – Cənab konsul, gərək bunu bilmiş olasınız ki, bu beş günlük dünyayi-faniyə biz ondan ötrü gəlməmişik ki, nə qədər dünya var biz də dünyada min illər yaşayaq və əbədən ölməyək. Xeyr, belə deyil. Allaha şükür, sizi öyrətmək olmaz, xudavəndi-aləm hər bir yaranmışına bir müəyyən ömür qərar verib və müəyyən əcəl təyin edib ki, hərə öz vaxtında bir bəhanə ilə ölüm şərbətini içəcəkdir. Belə olan surətdə siz ki, Allaha şükür, bizdən də yaxşı bilirsiniz ki, bunlar hamısı Allah məsləhətidir və o müsibət ki, bu gün sizin başınıza gəlibdir. Allah-taala…– konsul bu yerdə dik atıldı və “necə müsibət?” deyib, gəldi Rzaqulunun yanına. – Yoxsa Moskvadan bizim uşaqdan pis xəbər eşitmişsiniz? Yoxsa o bədbəxtin başına bir iş gəlib? Nə olub, nə xəbər var? Konsul bu sözləri deyəndə içəri otaqda bir böyük şivən qopdu və sinli bir arvad (konsulun arvadı imiş) dizlərinə çırpa-çırpa istədi özünü sala bizim yanımıza, amma bizi görən kimi genə geri qayıtdı. Yazıq arvad nərə təpə-təpə çığırırdı: – Anan sənə qurban, Sultan bala! (Moskvadakı uşağın adı imiş). Yəqin ki, balam ölübdü! Yəqin ki, Sultan balam əlimdən getdi! Vay, Bay!.. Səkkiz-doqquz yaşında da bir oğlan uşağı əlində bir gəmirtdənmiş alma bizim yanımıza gəlib, elə bərkdən ağlamağa başladı ki, guya ətini kəsirlər. Konsul nayib Cəfəri harayladı. Cəfər tələsik girdi içəri və başladı gözlərini bərəltməyə. Konsul ona hökm etdi ki, bu saat durmayıb, Münşi Mirzə Həsəni gətirsin ki, Moskvaya teleqraf yazsın. Mən lap özümü itirdim. Genə Rzaqulu məndən qoçaq imiş; çünki konsulun qabağına bir qədəm qoyub ona dedi: – Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. Ancaq mən bu gün müəllim İvanovun xanımından eşitdim ki, sizin, ayıb olmasın, bağışlayasınız, dedilər ki, övrətiniz bu gün vəfat edib. Deyəsən iş düzəldi; çünki nayib Cəfər o saat özünü ortalığa atıb və qollarını yuxarı qalxızıb, sevinə-sevinə guya ki, bir müjdə gətirib dedi: – Hə, hə, ay xan, sən Həzrət Abbas, uşaqların ürəyini sıxma, lap səni arxayın eləyim. Bu gün (nayib Cəfər içəri otağa gözünün yanı ilə baxdı, sonra dedi), xan, bu gün (bir az alçaqdan) Həlimə vəfat edib. Xan bu sözü eşitcək elə qeyzlə çığırdı ki, bir də gördüm ki, mən qapının ağzındayam və çığıra-çığıra bu sözləri dedi: – Ay cəhənnəmə vəfat edib, gora vəfat edib! Rəhmətliyin uşaqları (bizə işarə idi) hələ adlarını müəllim qoyub, amma gör nəyə məşğuldurlar! Heç yadıma sala bilmirəm ki, mən nə halətdə çıxdım dalana. Rzaqulu da mənim dalımca gəlirdi. Küçəyə çıxanda qapı qarauluna bilmirəm mən niyə dedim “salamat qal”, amma o heç bir söz demədi; güya duyurmuş ki, biz veyl adamlarıq. Konsulxanadan bir qədər uzaqlaşana kimi nə mən Rzaquluya, nə o mənə bir söz dedi. Yolumuz bizim evə tərəf idi, amma Hacı Xəlil küçəsinin başından Rzaqulu üzünü ayrı yola tutdu. Dedim: – Bə hara gedirsən? Rzaqulu dayandı və başladı mənim üzümə baxmağa; amma sifəti elə pörtmüşdü ki, deyəsən bu saat hamamdan çıxıb. Bir az mənə baxandan sonra dedi: – Əvvəla, o İvanov müəllimin arvadının atasına lənət ki, mənim başıma bu qədər oyun açdı! Və ikinci, konsulun ölən arvadı da tünbətin olsun, qalan arvadı da cəhənnəmə– gora getsin! Və bu sözləri deyib qurtarandan sonra üç dəfə də yerə tüfürdü. Hərçənd belə sözləri danışmaq ələlxüsus ölü dalınca pis işdir; amma bir mənfəəti o oldu ki, Rzaqulunun hirsi deyəsən bir qədər soyudu. * * * Dinməz-söyləməz yapışdım yoldaşımın qolundan və apardım bizim mənzilə; amma şahmat oyunu baş tutmadı; çünki nə mənim hövsələm öz yerində idi, nə də Rzaqulunun. * * * Danabaş kəndinin məktəbi I Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə. Bu xəbəri gətirən də bizim xərmən qonşumuz Kərbəlayı Mirzəli idi. Əgər bu xəbəri tək bircə Kərbəlayı Mirzəli gətirmiş olsaydı, ola bilərdi birdən-birə inanmayaq; çünki ağla sığmaz ki, bu qədər adam birdən gəlsin kəndə. Niyə? Nə səbəbə? Kəndi çapıb talamayacaqlar ki? Və bir də nə belə vacib iş ittifaq düşübdü ki, bu qədər adam elə hamısı birdən gəliblər kəndə? Həqiqət söz ərz eləyirəm ki, Kərbəlayı Mirzəlinin sözünü əvvəl dəfə biz heç başa düşmədik; amma sonra hər gələn təsdiq elədi. Hələ nəinki təsdiq elədi, bəlkə bir neçəsini də üstə qoydu; məsələn: Kərbəlayı Mirzəlidən sonra Qasım əmi gəldi. Rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət eləsin) əhvalpürsan olandan sonra Qasım əmi Allaha and içib başladı kəndə gələnləri saymağı: nəçərnik, köməkçi, qazı, qazaq, silistçi və miravoy sud. Qasım əmidən sonra Məşədi Yarməmməd gəldi. Bu kişi gələnlərin adlarını dəxi də özgə cür söylədi. Məşədi Yarməmməd Allaha da and içdi, bəlkə peyğəmbərə də and içdi ki, kəndə gələnlər nəçərnikdi, qoburnatdı, şeyxül-islamdı, seğlədardı, liğərdi, üç ayaqdı, üç qoldu… Qərəz, çoxu yadımdan çıxıb, mən deyirəm ki, nə qədər yer üzündə böyük var idi, hamısını saydı. Bu səda bizi lap mütəhəyyir elədi. Hələ bundan əlavə bizi işimizdən avara elədi. Mallar gəm sürürdülər. Bu xəbəri eşidəndən sonra malları boşladıq, məşğul olduq xəbər gətirənlərin söhbətinə. Mallar da daraşdı küləşi yeməyə. Bir az vaxtda bizim yanımıza altı-yeddi adam cəm oldu; çünki xəbər gətirənlər çömbəldilər çardağın kölgəsində, biz də bunların başına yığışıb qulaq asırdıq. Bir qədər də kəndlilər kəndə gələnləri barmaqları ilə sayıb, söhbəti çöndərdilər özgə səmtə ki, aya, görək pəs bu böyüklər nə səbəbə gəliblər kəndə. Bu məsələ asan məsələ deyil. Kim deyə bilər nədən ötrü nəçərnik, qazı, uşkol, qazaq, atlı və qeyriləri gəliblər kəndə? Bizim kənddə nə qədər müsinn adam var, heç biri bütün ömründə bu cür əhvalat nə görübdü və nə də eşidibdir. Doğrudu, kəndə nəçərnik də gəlib, silistçi də gəlib, liğər də gəlib, qazı da gəlib, bəlkə qoburnat da gəlibdi; amma nəinki hamısı birdən. Odur ki, Kərbəlayı Mirzəli, Qasım əmi, Məşədi Yarməmməd, rəhmətlik dadaşım (Allah əzizlərinizə rəhmət eləsin) nə qədər fikirləşdilər, bir yana çıxarda bilmədilər. O ki Məşədi Yarməmməddi, o belə güman eləyirdi: bu adamların kəndə gəlməkdən qəsdləri saldat tutmaq idi; amma bu rəyə qeyriləri şərik olmadılar. O səbəbə ki, əgər böyüklər saldat tutmaqdan ötrü bu gün gəliblər kəndə, pəs daha qazı niyə gəlibdi? Bəli, tutaq ki, qazını nəçərnik gətirib kəndlilərimizə nəsihət eləsin ki, bəlkə bu əmr yumşaqlıq ilə yeriyə, iğtişaş olmaya. Bu belə. Pəs uşkol niyə gəlib, mirovoy sud niyə gəlib? Rəhmətlik dadaşımın mülahizəsinə görə böyüklər kəndə ondan ötrü gəlmiş imişlər ki, görsünlər vilayət dinclikdirmi? Xalq bir-biri ilə necə yola gedir? Qərəz, kəndlilər bu cür söhbətdə idi ki, bir atlı çaparaq kəndin içindən çıxıb kövşənə səmt getməkdə idi. Biz hamımız bir az xof elədik; özgələri bilmirəm, mən çox qorxdum. Amma Allah rast saldı ki, atlı keçdi, biz bir qədər dikləndik atlını gözdən itirməyək, görək hara gedir. Atlının belə çaparaq getməyindən biz yəqin elədik bu iş boş iş deyil, burda, əlbəttə, bir əməl var. Baxdıq, baxdıq ta o qədər ki, atlı zəmiləri keçib və arxları sıçrayıb düz getdi, çıxdı Hacı Namazalının xərməninə. Elə yetişməyə bənd idi, haman dəqiqədə qayıtdı geri; amma tək qayıtmadı, bir adam da yanınca gətirirdi. Hərçənd fasilə uzaq idi, amma yerdə gələnin boyundan və börkünün ucalığından biz seçdik ki, atlının yanınca gələn elə Hacı Namazalı özüdür. “Bəli, kişinin evi yıxıldı, Allah baisin evini yıxsın!” – Biz hamımız ah çəkib, belə başa düşdük. Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman günü idi ki, atlı Hacı Namazalını xərməndən gəlib apardı nəçərnikin yanına. Bəli, o günü mənim qorxum intiha mərtəbədə idi. Hətta bu da yadımdadı ki, tayamızın dal tərəfindən itimiz yuvaya nisbət bir deşik qayırmışdı. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. Hacı Namazalını atlı gətirəndə mən o dərəcədə qorxdum ki, qaçıb özümü soxdum haman itin yuvasına. Elə mən daxmaya girməkdə, xərmənimizdə kişilər də tayanın dalına keçməkdə. Mən əvvəl elə başa düşdüm bunlar məni axtarırlar. Amma bunların hamısı məni gördülər, heç soruşmadılar da ki, mən bu daxmaya nə səbəbə girmişəm. O vədə bu işləri başa düşmürdüm, ağlım kəsmirdi, amma indi yəqin edirəm ki, elə onlar da qorxurdular. Bu yaxşı yadımdadı ki, Kərbəlayı Mirzəli tez-tez oğru pişik kimi küləşin yanından başını uzadıb, yola tərəf baxırdı ki, görsün atlı və Hacı Namazalı girdilər kəndə, ya yox. İndi mən bir şeyə təəccüb qalıram. Mən ona təəccüb qalıram ki, əgər mən qorxurdum, mən uşaq idim, mənə məzəmmət yapışmazdı. Mən bunu nə o vədə başa düşdüm, nə də indi başa düşürəm ki, hələ bu yekəlikdə kişilər nə səbəbə qorxurdular. Mənim yaxşı yadımdadır ki, Kərbəlayı Mirzəli də qorxurdu. Qasım əmi də qorxurdu, rəhmətlik dadaşım da qorxurdu, bir-iki cahıl-cuhul var idi, onlar da qorxurdular. Nə qədər ki, atlı və Hacı Namazalı hələ kəndin içinə girməmişdilər, Kərbəlayı Mirzəli necə ki, ərz elədim, əllərini qıçlarına söykəyib və belini ikiqat eləyib, diqqətlə və ehtiyatla yola baxmaqda idi; ta o qədər ki, atlı və Hacı Namazalı girdilər kəndə və Kərbəlayı Mirzəli düzəlib bir-iki qədəm qabağa yeriyib söylədi: “Allah axırın xeyir eləsin”. Yanımızdakı kəndlilər indiki halətdə qaldılar lap mat və məəttəl və mətləbi hər yana çöndərdilər, heç bir nəticə bağışlamadı. Güftgu çox uzandı və hamıdan çox danışan rəhmətlik dadaşım ilə Kərbəlayı Mirzəli idi; hamıdan da az danışan Qasım əmi və qeyri cahıl-cuhul idi. Hamıdan çox qorxan mən idim. Hamıdan artıq təəccüb qalan mən idim və Mirzəli idi; yazıq kişi əllərini oyza bururdu, buyza bururdu. Söz yox, şək düyünü öz-özünə açılardı əgər ki, xərmənimizdəki kəndlilərin biri kənd içinə gedib və əhvalatı öyrənib, bir doğru xəbər gətirəydi. Dəxi o qədər yadıma gəlmir nə səbəbə heç kəs kəndə getmək istəmirdi. Məhz bu yadımda qalıbdı ki, rəhmətlik dadaşım Qasım əmiyə dedi ki, bəlkə o gedib xəbər gətirə; amma bu barədə Qasım əminin cavabı bu oldu ki, bir qədər başını bulayıb, çəkilib çömbəldi tayanın kölgəsində. Mənim zehnimə görə bu adamların hamısından cürətli genə rəhmətlik dadaşım idi. Mən and içə bilərəm ki, əgər dadaşımın işi olmasaydı, heç Qasım əmiyə üz tutmazdı ki, gedib görsün nə var, nə yox. Amma dadaşım əgər kəndə özü getsəydi xərmən, mallar başına qalardı və işdən avara olardıq. Sözün sədaqəti budur ki, ərz eləyirəm. II Dadaşım çubuğu çəkib tapdadı yerə, külünü boşaldıb taxtı belinə, durdu ayağa və mənim üstümə acıqlanıb buyurdu ki, itin yuvasından çıxıb və gedim minim gəmə. Mən dadaşımın buyurduğunu əmələ gətirdim və kəndlilər də durdular ayağa ki, hərə getsin öz işinə. Mən qaçdım mindim gəmə və çubuq ilə başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib şananı götürdü və başladı küləşi çevirməyə. Mallar üç ya dörd baş ancaq dolanmışdı ki, kənd səmtindən qlavanın giziri Cəlil bəy tayanın dalından nağafıl çıxıb hazır oldu. Mən çox qorxdum; çünki əlüstü yəqin elədim ki, Cəlil bəy gəlib dadaşımı aparsın nəçərnikin yanına. Axırda elə mən dediyim oldu. Cəlil bəy dadaşımın tərəfinə yeriyib, tatarını qaldırdı göyə, amma yendirmədi; yəni doğrusu budur ki, yendirə bilmədi. O səbəbə ki, tatarı göyə qalxan kimi dadaşım cəld sağ əlini atdı yapışdı tatarının sapından və sol əli ilə Cəlil bəyi qucaqlayıb başladı yalvarmağa ki, desin görək dadaşımın təqsiri nədir. Cəlil bəy dadaşımın təqsiri barəsində bir söz demədi. Ancaq təkid ilə buyurdu ki, dadaşım məni də götürüb getsin nəçərnikin yanına. Bu sözləri eşitcək mən özümü itirdim. Dəxi bilə bilmirəm sonra nə oldu, nə olmadı. Ancaq bir də gördüm ki, dadaşım yapışıb mənim sağ əlimdən, çəkə-çəkə aparır kəndə. Çox qorxurdum və niyə də qorxmayaydım? Mən ancaq indi başa düşmüşəm ki, şəxs düz yolu ilə gedə, nəçərnik ona heç bir şey eləməz. Amma o vədə yolda gedə-gedə dadaşıma deyirdim ki, vallah, dadaş, nəçərnik mənim başımı kəsər; aparma məni nəçərnikin yanına. Bir də ki, əgər dadaşım olmasaydı, mən o qədər qorxmazdım. Nə qədər ki, mən öz-özlüyümdə qorxurdum, bir o qədər də dadaşım məni qorxudurdu; yəni o rəhmətlik də qəsd ilə eləmirdi, bilə-bilə məni qorxutmurdu. Ancaq o özü də başa düşmürdü ki, məni qorxudur. Dik yolda kənd içində məni aparanda mən elə ha soruşurdum dadaşımdan ki, axır nə səbəbə nəçərnik məni istəyibdir? Bunun cavabında dadaşım məni müqəssir tutdu ki, bəlkə mən qlavanın oğlu ilə savaşmışam, o da nəçərnikə şikayət eləyib. Müxtəsər, gəldik yetişdik Hacı Namazalının meydanına. Kənddə nə qədər adam var, hamısı burada cəm idi. Nəçərnik də yenicə gələn qonaqları ilə Hacı Namazalının evində imişlər. Hələ ki, mənim işdən xəbərim yoxdu, bilmirəm nə olacaq, nə olmayacaq. Heç kəsdən də cürət eləmirəm soruşum ki, nə var, nə yox, bu nə mərəkədi? Bir-iki dəfə çənəmi dadaşıma səmt qalxızdım ki, bəlkə ondan bir zad öyrənim; amma kəndlilərin qiylü-qalı o qədər idi ki, dadaşım nə mənim sualımı eşidə bildi, nə də ki, bir cavab verə bildi. Axırı bir tövr ilə adamları aralayıb, özümüzü soxduq meydanın ortasına. Xəbər gəldi ki, nəçərnik gəlir. Guya ki, qurbağa gölünə daş atdılar; hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. Qapı açıldı və həyətdən əvvəl Hacı Namazalı özü çıxdı və adamlara “çəkil-çəkil” deyə-deyə özü də gəlib durdu bir tərəfdən. Sonra bir kişi çıxdı. Çünki bunun börkü qırmızı və çuxası ağ idi, mən elə güman elədim ki, bu nəçərnik özüdü; amma sonra mənə dedilər ki, bu nəçərnikin vəkilidi. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı. Bu da “çəkil-çəkil” deyib tatarını oyza tovladı, buyza tovladı, axırı özü də çəkilib durdu bir səmtdən. Bunlardan sonra qlava Pirverdi bəy çıxdı. Bu da qabaqca gələn şəxslər kimi adamları “çəkilçəkil” deyə-deyə aralayıb, çəkilib durdu bir səmtdə. Qlavadan sonra bir urus böyüyü çıxdı. Bunun dalınca bir ayrısı çıxdı. Onun dalınca biri də çıxdı, genə bir ayrısı çıxdı. Bunlardan sonra bir molla çıxdı, bu molladan sonra bir ayrı molla çıxdı; o molladan da sonra bizim Danabaş kəndinin mollası Molla Həzrətqulu çıxdı. Sonra mənə dedilər ki, bu mollaların biri qazıdı. Mollalardan sonra Hacı Namazalının həyətindən genə adam çıxdı. Amma, çünki mənim nəzərim çoxu rus böyüklərində idi, dəxi yadımda qalmadı Hacı Namazalının həyətindən kim çıxdı mollalardan sonra. Bu hamı ərz elədiyim həzərat gəldilər meydanın ortasına və səf çəkib düzüldülər bir-birinin yanına. Qabaqda bir stol qoyulmuşdu, stolun üstünə bir örtük salınmışdı. Hamıdan əvvəl qazı yeridi qabağa, stolun üstə bir köhnə cildli kitab qoyub, üzünü tutdu camaata və başladı: – Ey Danabaş kəndinin camaatı! Qulaq asın görün nə deyirəm, yaxşı qulaq asın. Qazı bu sözləri decək, hər iki molla cavab verdi: – Amin, ya rəbbül-aləmin! – Sonra qazı, genə başladı: – Camaat, bilirsiniz, bu gün nə səbəbə cənab nəçərnik təşrif gətirib Danabaş kəndinə? Cənab nəçərnik eşidib ki, hələ siz, yəni Danabaş kəndinin əhli hələ indiyə kimi qaranlıqda qalmısınız. Odur ki, cənab nəçərnikin sizlərə rəhmi gəlib və bu qəsd ilə bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib ki, burada bu gün bir uşkol aça və sizləri bəlkə bir tövrnən qaranlıq aləmindən çıxarıb, daxil eliyə işıqlıq aləminə. Və bir də bunu bilin ki, yer üzündə nə qədər ki, pərvərdigari-aləm şəhər və kənd xəlq edib, hər nə qədər ki, vilayət yaradıbdır, olar cəmisi çoxdan işıqlıq aləminə çıxıblar; məhz qalıb Danabaş kəndi. İnşallah əgər Allah-taala əcəldən aman verər, burada da bu gün nəçərnik ağa bir uşkol açar, ta bəlkə sizlər də işıqlıq şərbətini içəsiniz. Hər iki molla “amin” deyəndən sonra qazı cibindən eynəyi çıxarıb geydirdi burnunun üstünə, Quranı hər iki əli ilə qalxızıb öpdü və basdı alnına; bir yerindən açdı və başladı ucadan oxumağı. Qazı Qurandan bir neçə ayə oxuyub Quranı bükdü və hər iki molla “amin, ya rəbbül-aləmin” deyəndən sonra qazı Quranı qoydu stolun üstünə və üzünü tutdu camaata. – Camaat, “amin” deyən dillər lal olmasın. Qazının bu sözlərindən sonra əvvəl hər iki molla “amin” dedilər, kəndlilərdən də bir neçəsi mollalara baxıb “amin” dedilər; sonra qazı cift əlini qaziyülhacata uzadıb başladı dua-səna eləməyi: əvvəl padişahi-mehribanimizə, onun xatuni-kəriməsinə və cəmi xənədanibasədətinə. Camaat səs-səsə verib ucadan dedilər: “amin”. Sonra qazı başladı nəçərnikdən. Əvvəl tərif elədi və nə qədər ki, ərəb dilində ali-şan ləqəblər və sifətlər var idi, hamısını saydı, sonra genə başladı dua-səna eləməyə. Qərəz, qazı bu barədə çox danışdı, dedi, dedi və axır sözləri bu oldu: – Ey cəmaəti-Danabaş! Bizə hamılıqnan lazımdır ki, hər gün və hər gecə ibadət vaxtında bari-pərvərdigara həmd eliyək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətimizə belə hakim göndəriblər ki, ibarət olsun bizim cənab nəçərnik ağadan. Bu özgə bir şey deyil, məgər Allah-taalanın bizlərə lütfü və mərhəməti, amin! Camaat da qazıya baxıb səsləndi: “amin”. Qazıdan sonra bir urus böyüyü – alçaq boy və az saqqal – yeridi irəli və üzünü camaata tutub, başladı öz dilində ucadan danışmağa. Sonra biz bildik ki, bu danışan nəçərnik imiş. Nəçərnik sözünü deyib qurtarandan sonra bir ayrı rus böyüyü qabağa yeriyib genə üzünü tutdu camaatın tərəfinə. Camaat birdən dedi: – Allah ağaya ömür versin! – Ey Danabaş kəndinin camaatı! Heç annırsınız ki, nəçərnik ağa sizə nə deyir? Yaxşı sözlər deyir, çox gözəl sözlər deyir. Açın qulağınızı və eşidin; çünki həməvəqt mümkün olmaz şəxsə bu cür nəsihətləri eşitmək. Cənab nəçərnik buyurur ki, mən Danabaş kəndinin əhlini çox dost tuturam. Amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir; çox avam camaatdı, çox biməna camaatdı. Mən özüm yəqin eləyirəm ki, cənab nəçərnik ağa bu barədə xilaf fərmayiş eləmir. Mən özüm görürəm ki, siz avam adamsınız, yazıq adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız burdan isbat olunur ki, nəçərnik buyuranı başa düşmədiniz, lazım gəldi ki, mən sizləri başa salam. Bəli, nəçərnik ağa buyurur ki, mənim Danabaş kəndinin əhlinə yazığım gəlir, bunlar çox dalda qalıblar, qaranlıqda qalıblar. Odur ki, nəçərnik ağa bu gün bu niyyət ilə sizin kəndə öz mübarək qədəmini basıb ki, bu gün bir uşkol açsın və bu tövrnən sizləri xoşbəxt eləsin. Camaat birdən səsləndi: – Allah ağaya ömür versin. Sonra nəçərnik bir kağız aldı əlinə və başladı oxumağı; oxudu və üzünü tutdu indi müsəlmanca danışan rus böyüyünə. Bu da irəliki kimi üzünü camaata tutub başladı: – Ey əhli-qəryeyi-Danabaş… Dəxi mən bilə bilmədim ki, bu şəxs nə dedi və nə demədi. Ondan ötrü bilə bilmədim ki, mən camaatın içindən kənar oldum. Kənar olmağım da bu tövr oldu ki, rus böyüklərinə qulaq asmaqda idim ki, gördüm daldan birisi mənim ətəyimi çəkir. Mən əvvəl elə başa düşdüm ki, mənim ətəyimi çəkən dadaşımdı, amma çöndüm dala və gördüm ki, dadaşım deyil, özgəsidi. Yəni özgəsi də deyil idi, bizim qonşumuz Kərbəlayı İsmayıl idi. Mən çöndüm və istədim soruşam ki, məni neyləyir Kərbəlayı İsmayıl? Amma bu kişi əlini atdı mənim çiynimə və bir elə qüvvətlə məni çəkdi ki, bir də gördüm ki, mən dəxi camaatın içində deyiləm. Mən genə istədim getməyəm və qayıdıb dadaşıma deyəm; amma Kərbəlayı İsmayıl qoymadı. Bir qədər məni çəkə-çəkə aparıb, Kərbəlayı İsmayıl mənə təkid elədi ki, bir az ayaq götürüm və artıqəskik danışmayım. Mən bu barədə heç bir söz demədim; çünki razı idim ki, camaatın içindən çıxım, bəlkə rus böyüklərindən xilas olum və yaxam nəçərnikin əlindən qurtarsın. Bir qədər gəldik, axırı yetişdik Kərbəlayı İsmayılın küçə qapısına. Qapı bağlı idi. Kərbəlayı İsmayıl qapını döydü və qapı əlüstü açıldı. Həyətə girən kimi mən mat qaldım; çünki həyətdə bir yekə cəmiyyət var idi. Adamlara bir qədər diqqət salıb baxdım gördüm ki, bu adamların çoxusu elə öz adamlarımızdı; məsələn: dayım Hacı Murtuza da burda idi, dayı oğlum Məşədi Fərəculla da burda idi, xalam nəvəsi Kərbəlayı Həsənqulu da burda. Hətta gözüm birdən dadaşıma da sataşdı. Baxdım, gördüm ki, elə dadaşım da burda imiş. Qalanlar da qonşu və rəfiqlərimiz idi. Bu işlərin hamısı mənə vaqiə kimi göründü. Məni görcək bu adamların hamısı gəlib cəm oldular başıma və dadaşım əlimdən yapışıb məni çəkə-çəkə apardı həyətin dibinə. Adamlar da bizim dalımızca gəldilər. Həyətin divarları alçaq idilər. Dadaşım cəld çıxdı divarın üstə və hər iki əlini uzatdı mənə. Adamların bilmirəm hansı əllərini mənim qoltuğuma salıb əvvəl mənə dedi, “qorxma” və sonra “ya Allah” deyib məni qalxızdı divarın üstə. Dadaşım da həmçinin mənə “qorxma” deyib və iki əlini qoltuğuma salıb yendirdi o tərəfə. Bura Məhəmmədəli əminin həyəti idi. Həyətdə heç kim yox idi. Amma bir səs gəlirdi. Səs kişi səsi deyildi, övrət-uşaq səsi idi. Mən indiyə kimi bu işlərə təəccüb qalırdım; amma indi məni divarın üstə qovzayan kişi və dadaşım mənə “qorxma” deyəndən sonra başladım qorxmağa. Məhəmmədəli əminin həyətinin aşağı tərəfində bir yekə kərmə qalağı var idi. Dadaşım əlimdən yapışıb çəkə-çəkə apardı haman qalağın yanına. Qalağın ağzı divara səmt idi. Elə ki keçdik qalağın ağız tərəfinə, mən yəqin elədim ki, bu gözlədiklərim hamısı həqiqət deyil, yuxudu. Burada dörd övrət oturmuş idi. Əvvəl dəfə bu övrətləri mən tanıya bilmədim; çünki bunların dördü də başlarını uzatmışdılar qalağın içinə. Amma biz yetişəndən sonra dadaşım bunlara dedi “çəkilin” və bunların dördü də başlarını çıxardılar və üzlərini çöndərdilər bizə səmt. Hərçənd bu övrətlər dadaşımı görən kimi üzlərini örtdülər, amma mən bunların hamısını tanıdım. Bunların biri Şərəf xala idi ki, olsun Kərbəlayı İsmayılın övrəti, biri Səkinə gəlin bacım idi ki, olsun Hacı Murtuza dayımın gəlini və Məşədi Fərəcullah dayı oğlumun övrəti, biri Səkinə xala idi ki, olsun haman həyətin və haman qalağın sahibi Məhəmmədəli əminin övrəti, biri də qonşumuz Hüseynəli əminin övrəti Pəri xala idi. Bu övrətlərin dördü də dadaşıma hörmət qoydular; çünki çəkildilər kənara, dallarını çevirdilər bizə və çadralarını da bir qədər qalxızdılar yuxarı; belə ki, qıçları qaldı açıq. Bu heyndə qalağın içindən bir uşaq başı çıxdı eşiyə. Bu uşaq haman qalağın sahibi Məhəmmədəli əminin oğlu Cəfər idi. Cəfər məni görcək sevincək və ucadan dedi: – Buy, Hüseynqulunu da gətirdilər! Cəfər bu sözləri deyən kimi qalağın içindən bir baş da çıxdı eşiyə. Bu da dayım Hacı Murtuzanın nəvəsi və dayı oğlum Məşədi Fərəcullanın oğlu Qasım idi. Qasım da məni görcək sevincək və ucadan dedi: – Buy, bibi oğlu, sən də gəldin? Qasım bu sözləri hələ deyib qurtarmamışdı ki, genə qalağın içindən bir baş da çıxdı. Bu da Kərbəlayı İsmayılın oğlu Kərimqulu idi. Bu da məni görcək sevincək və ucadan dedi: – Buy, Hüseynqulu, səni gətirdilər? Söz yox, biz durub gözətləsəydik, yəqin ki, qalağın içindən çox baş genə çıxacaq imiş; amma dadaşım qoymadı və uşaqların üstə çığırıb bunları soxdu genə qalağın içinə və üzünü tutdu mənə ki, mən də girim ora. Mən, doğrusu, belə işi Allahdan istəyirdim; dadaşım deyən kimi başımı əyib özümü soxdum qalağın içinə. Burda biz gördüyümüz üç uşaqdan savayı genə üç uşaq var imiş ki, hamısı olsun altı; mən girdim, olduq yeddi uşaq. Qalan üç uşaq da bizim qonşularımız idi. Biri Həsən idi – Yarməmmədin oğlu. Biri Nəcəfəli idi – Kərbəlayı Qurban əminin oğlu. Biri də qonşumuz Hüseynəli əminin oğlu Yusif idi. Mən qalağın içinə girən kimi dayım nəvəsi Qasım yapışdı yaxamdan və çəkdi özünə tərəf ki, mən gedib onun yanında oturum. Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. Dadaşım məni qalağın içinə soxandan sonra, özü də başını uzatdı içəri və bərkdən-bərk bizə dedi ki, məbada-məbada biz buradan çıxaq gedək özgə yana və bunu da bir neçə dəfə təkrar elədi ki, biz, əlbəttə, sakit və sakit durub, nə danışaq və nə də səs eləyək. Nə mən dadaşımın cavabında bir söz dedim, nə də yoldaşlarım danışdılar. Ancaq yazıq Kərbəlayı Qurban əminin oğlu Nəcəfəli hər iki əlinin dal səmtini aparıb basdı gözlərinin üstünə və başladı ağlamağa. Dadaşım üzünü çöndərdi Nəcəfəlinin tərəfinə və dedi: – Səfeh oğlu səfeh, niyə ağlayırsan? Nəcəfəli ağlaya-ağlaya və bədənini sağ və sola bura-bura, əzilə-əzilə, mızıldaya-mızıldaya başladı anasını çağırmağa. Dadaşım başını qalağın içindən çıxardıb çəkildi durdu ayağa və yox oldu. Haman dörd övrət genə başlarını qalağın içinə uzadıb başladılar bizə təskinlik verməyə. Əvvəl övrətlər üzlərini tutdular öz oğlanlarına; məsələn, Şərəf xala üzünü tutdu Kərimquluya. Səkinə gəlinbacı Qasıma, Pəri xala Yusifə, Səkinə xala Cəfərə. Övrətlər azdan-çoxdan dedilər və sakit oldular; istəyirdilər çıxıb getsinlər ki, Cəfər, Nəcəfəli kimi, hər iki əlinin dal tərəfini qovzadı basdı gözlərinin üstə və başladı ağlamağı. Anası Səkinə xala istədi qalağa səmt qayıdıb oğlunu sakit eləsin. Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. Yusifdən sonra Kərimqulu başladı ağlamağı. Qasım da başladı ağlamağı. Yazıq Nəcəfəli də bunlara baxıb başladı ağlamağı. Mən əvvəl istədim ürəyimi bərk tutum və ağlamayım və ağlamazdım da; amma baxdım gördüm ki, uşaqların bir neçəsi ağlaya-ağlaya deyir ki: – Vay, ana, bizi saldat aparacaqlar. Bu sözləri eşidən kimi mən də başladım ağlamağı. III Bu əhvalatdan bir neçə ay əqdəm dövlət tərəfindən hökm çıxmışdı ki, İrəvan quberniyasında üç uşkol açılsın. Bu uşkolların xərci dövlət xəzinəsinin öhdəsində idi. Və bir də ki, bu uşkolların üçü də qərardadın məzmununa görə lazım idi kəndlərdə təyin olunsun, nəinki şəhərdə. Bu cür məktəbləri bina eləməkdən dövlətin muradı bu idi ki, dəhat əhlinə savad öyrədib və bir para elmlər təlim edib, bir tövr gözünü açsın, ta bəlkə camaat mürurnan tərəqqi tapıb, həmi bu dünyada öz məişətini keçirdə, həmi də əxz elədiyi elm və ədəb səbəbinə ibadətini dürüst əmələ gətirib Allaha yavıqlıq eləyə. Bu uşkolların hər birinin illik xərci iki min yüz əlli manat mülahizə olunmuşdu. Bu qədər xərcin müqabilində dövlət tərəfindən məsləhət görülmüşdü ki, məzkur uşkolları böyük və tərəddüdlü kəndlərdə açsınlar ki, məktəbə çox uşağın yolu olsun və məsrəf olunan pullar puça çıxmasın. Odur ki, bu üç uşkolun birini təyin elədilər Çarxlı kəndində; əlbət o səbəbə ki, bu kənd ya çox yekə kənddi, ya da ki, tərəddüdlü yerdi. Birini təyin elədilər Mahmud kəndində; söz yox, əlbət bu kənd də ya tərəddüdlü kənddi, ya çox böyük kənddi. Birini də təyin elədilər Danabaş kəndində, hərçənd Danabaş kəndi tərəddüdlü deyil, amma çox yekə kənddi. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdır. Hələ o vədə evlərdən çox gizlətmişdilər. Və bir də ki, bu on üç ilin ərzində azından gərək yüz ev artmış ola. Əhvalatı qubernator yazmışdı nəçərnikə, nəçərnik də Danabaş qlavası Pirverdi bəyi çağırıb xəbər vermişdi və habelə qlavaya dil cavabı hökm eləmişdi ki, əvvələn bitəxir məktəbdən ötrü səmtli dam mühəyya olunsun. Və saniyən nəçərnik qlavadan soruşmuşdu, çox uşaqmı Danabaş əhli uşkola göndərər? Pirverdi bəy nəçərnikə bu barədə cavab verir ki, uşkoldan ötrü nə qədər imarət lazım olsa, mümkündür tapmaq, uşaqdan da yana nəçərniki arxayın eləmişdi ki, Danabaş kəndindən azından uşkola altı yüz uşaq göndərərlər. Qlava kəndə qayıdıb Danabaş əhlinə xəbər verir ki, nəçərnik ağa belə buyurubdu və camaata təklif eləyir ki, əvvələn uşkoldan ötrü bir dam və altı yüz uşaq hazır eləsinlər. Haman günün sabahı Danabaş kəndindən nəçərnikin yanına iki yüz adam tökülür və nəçərnikə ərz-bəndəçilik eləyib mütəvəqqe olurlar ki, nəçərnik ağa onları başa salsın görsünlər, aya Danabaş əhlinin dövlət yanında [nə] xəyanəti müşahidə olunub və cənab qubernatın və ağa nəçərnikin qulluğunda onlardan nə günah baş verib ki, padşah tərəfindən Danabaş kəndinə belə şiddətli qəzəb sadir olubdur? Nəçərnik camaatın sözünün cavabında başlayır kəndlilərə bir qədər nəsihət eləyir ki, əvvələn, uşkoldan ötrü altı yüz uşaq lazım deyil; ancaq hələlik yüzü də kifayət elər. Və bir də nəçərnik camaatı başa salır ki, bu qərardad dövlət tərəfindəndir, nəinki nəçərnikin öz xahişidir. Bu sözləri deyəndən sonra nəçərnik camaata hökm eləyir dağılıb getsinlər kəndə və xəbər verir ki, bir neçə gündən sonra özü gələcək Danabaş kəndinə. Camaat dağılandan sonra nəçərnik hökm yazıb Danabaş kəndindən dörd adam istəyir şəhər divanxanasına; qlava Pirverdi bəyi, prixod mollası molla Həzrətqulunu, Hacı Namazalını və Mirzə Həsəni. Haman günü bu əşxasın dördü də divanxanada hazır olur və nəçərnik bunları öz otağına aparıb əvvələn təvəqqə yolu ilə bunlara deyir ki, Danabaş camaatını ipə-sapa gətirib yumşaltsınlar və uşkol işindən yana səy-təlaş eləsinlər, ta bəlkə uşkol bir tövr ilə Danabaş kəndində bina tuta. Nəçərnik sözünü deyib qurtarandan sonra bu əşxasın dördü də birdən deyir: – Allah nəçərnik ağaya ömür versin! Biz can-dil ilə hazırıq nəçərnik ağaya qulluq eləməyə. Nəçərnik bunların bu cür cavablarından xoşhal olub, artıq razıçılıq eləyəndən sonra bunlara xəbər verir ki, getsinlər kəndə və camaata dəlil-nəsihət eləsinlər; o özü də, yəni nəçərnik, bir neçə gündən sonra gələcək kəndə. Nəçərnikin kəndə gəlməyi bizə məlumdu. Və bu da bizə məlumdu ki, nəçərnik yanınca gələn qonaqları ilə düşmüşdülər Hacı Namazalının evində. Ancaq bunu bilmirik ki, onnan gələn qonaqlar kim imişlər. Biri qazı idi, bu hələ məlumdu. Biri haman şəhərin padşah məktəbxanasının rəisi idi. Biri haman şəhərin məktəbxanasının müəllimi idi. Biri öz dilmancı idi. Biri haman mahalın pristavı idi. Biri bir özgə müəllim idi. Biri öz vəkili idi. Qalanlar da yasavul və atlılar idi. Pəs gəlib çıxdıq haman günün əhvalatına ki, atlı çaparaq Hacı Namazalını gəlib xərməndən gətirdi kəndin içinə. Salaq yadımıza haman günün əhvalatını. IV Bəli, haman günü Danabaş kəndinin camaatı cəm oldular Hacı Namazalının meydanına. Nəçərnik öz qonaqları ilə çıxdı camaatın içinə. Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını, sonra nəçərnik özü başlayıb bir xitabə oxudu, dilmancı tərcümə elədi və dübarə nəçərnik əlinə bir kağız alıb başladı oxumağı, dilmancı üzünü camaata tutub başladı: – Ey əhli-qəryeyi-Danabaş!.. Biz bayaq burada qalmışdıq. – Ey əhli-qəryeyi-Danabaş! Nəçərnik ağa buyurur ki, hərdənbir mənim qulağıma bəzi ürəksıxan və qəm artıran xəbərlər gəlib çatır. Belə görükür ki, vilayətimizdə nadinc adam, şeytan adam çoxdu. Xudanəkərdə, əgər bu cür adamların biri düşsə mənim əlimə, yəqin ki, mən onun dərisini diri-diri soydurram! Nəçərnik ağa buyurur ki, bu qisim adamlar çünki özləri də Allah-taalanın yolundan çıxıblar, həmişə bu fikirdə olarlar ki, özgələri də düz yoldan azdırıb, zəhmətə və zillətə salıb özlərinə tay eləsinlər. Bu cür məzərrətli adamlar heç də məlum deyil nə qəsd ilə Danabaş əhlini başa salıblar ki, əbəda uşkola uşaq göndərməsinlər. Guya ki, uşkolda oxuyan uşaqların hamısına iki ilin ərzində qoşun məşqi verib və dava təlimi öyrədib göndərəcəklər Rusiyyətə ki, rus dövlətinin qoşunu çoxalsın, vaqeən bu sözləri ağıl sahibi heç ağzına alıb danışar?.. Camaat birdən səsləndi: – Xeyr, danışmaz! Allah ağaya ömür versin! – Nəçərnik ağa buyurur ki, mən dörd şəxsin məsləhəti ilə, – ki olsunlar Molla Həzrətqulunun, Hacı Namazalının, Mirzə Həsənin və qlava Pirverdinin, – bunların məsləhəti ilə bir siyahi tutmuşam və hər kəsin ki, uşkola göndərilməli uşağı var, onların hamısının adları bu siyahıdədir. Camaat birdən səsləndi: – Bəli, belədir. Allah ağaya ömür versin! Sonra nəçərnik əlindəki kağızı verdi dilmancına və dilmancı genə başladı: – Camaat! Qulaq verin və hər kəsin adını mən bu kağızda oxusam, adamların içindən çıxıb gəlsin cənab nəçərnikin hüzuruna. Camaat səsləndi: – Allah ağaya ömür versin! Dilmanc başladı: – Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu. Camaatın içindən bir adam çıxdı qabağa: ucaboy, ağsaqqal, başında uca taskülah, əynində qədək arxalıq və ağ gen dizlik. Bu şəxs yeridi nəçərnikin qabağına və hər iki əlini qarnının üstə qoyub əvvəl bir başını atdı dal tərəfə, sonra ikiqat oldu, düzəldi və gözlərini dirədi nəçərnikin üzünə. Nəçərnik buna rusca bir neçə söz dedi və dilmanc bu cür tərcümə elədi: – Kişi, get bu saat Zeynal oğluvu gətir gəl nəçərnikin yanına. Kərbəlayı İmamqulu başını aşağı salıb özünü verdi adamların içinə. Dilmanc əlindəki kağızı yuxarı qovzuyub başladı oxumağa: – Kərbəlayı Heydər Kərbəlayı Zülfüqar oğlu. Adamları aralayıb qırx-qırx beş yaşında bir kəndli hazır oldu və üzünü nəçərnikə tutub ikiqat olandan sonra başladı: – Ağa, mənim ərzim var. Dilmanc razı olmadı Kərbəlayı ərzini eləsin; və onun sözünü nəçərnikə tərcümə elədi, nə də ona qulaq verdi. Və onun sözünü bu cür rədd elədi: – Artıq-əskik danışma. İndi ta elə vaxt deyil, cənab nəçərnikin vaxtı yoxdu nağıl-hekayətə qulaq asıb özünü də, camaatı da məəttəl eləsin. Qoy ərzin qalsın sonraya və bu saat get oğlun Süleymanı gətir nəçərnikin qulluğuna. Kərbəlayı Heydər genə bir nəçərnikin üzünə baxıb başını saldı aşağı və kor-peşman özünü soxdu camaatın içinə. Dilmanc çağırdı: – Yarməmməd Kərbəlayı Nabatəli oğlu. Adamları aralaya-aralaya ortalığa qırx beş-əlli yaşında bir kəndli çıxdı, başında yekə papaq, əynində köhnə qədək arxalıq, ayağında çirkli və gen dizlik, ayaqyalın və beli açıq. Yarməmməd ikiqat olub düzəldi və üzünü tutdu dilmanca tərəf: – Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi. Həyə inanmırsan, gəl elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə, mənə nə olub sinnimin bu vaxtında yalan deyim? Xeyr. Və bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun… Dilmanc dəxi səbr eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. – Artıq-əskik danışma və bizi başdan, beyindən eləmə! Tez get oğlun Həsəni gətir nəçərnikin hüzuruna. Yarməmməd hər iki əlini göyə qalxızıb üzünü gah nəçərnikə, gah dilmanca tutub istədi ağzını aça, amma dilmanc qoymadı və ucadan dedi: – Sənə mən deyirəm nağıl-hekayət oxuma, tez oğlunu gətir nəçərnikin hüzuruna bigüfti-gu! Adamların bəzisi başladı gülməyə və bəzisi danışmağa. Camaatın səsi istədi ucalsın. Amma qlava Pirverdi bəy özünü kəndlilərin içinə verib, xalqı bir təhər sakit elədi. Bu heyndə ortalığa bir qoca kişi yeridi və üzünü gah nəçərnikə, gah dilmanca tutub, alçaq səslə başladı: – Nəçərnik ağa, ərzim var. Nəçərnik ağa, bu kişi Yarməmməd mənim tufarbatufar qonşumdu. Mən də ki, Allah eləməsin sinnimin bu vaxtında nəçərnik ağanın qulluğunda yalan danışam; çünki yalan danışmaqlıq çox pis işdi. Və bir də ki, görürsünüz mən əgər durub yalan-yalan danışam… Dilmanc qoca kişinin sözünü kəsib dedi: – Ay kişi, Danabaş kəndində nə çox lağlağı var imiş! Adam sözü qısa deyər. Tez ol sözünü de və çıx, qoy, get! Qoca kişi üzünü gah nəçərnikə və gah dilmanca tutub başladı: – Mən deyirsən Qurana əl basım ki, bu kişinin oğlu, yəni Yarməmmədin oğlu Həsən elə bu saat yorğan-döşək içində yatıbdı. Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşuva demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de gəlsin bizim uşağa baxsın. Mən də, axır genə qonşudu, adam… yaxşı olmaz, çünki… Dəxi dilmancın səbri çatmadı və üzünü sol səmtə çöndərib qlavanı çağırdı ki, qoca kişini aralıqdan rədd eləsin. Qlava haman qoca kişinin peysərindən bir yumruq yendirib soxdu adamların içinə. Camaatın qiylü-qalı genə qalxdı. Pirverdi bəy genə özünü camaatın içinə verib, bir qədər səs-sədanı sakit elədi və dilmanc başladı kağızı oxumağı: – Məşədi Fərəcullah Hacı Murtuza oğlu. Adamlar başladı boylanmağa və ortalığa heç kəs çıxmadı. Dilmanc dəxi ucadan çığırdı: – Məşədi Fərəcullah Hacı Murtuza oğlu. Genə adamlar başladılar sağa-sola baxmağa, ortalığa heç kəs gəlmədi. Amma qlava Pirverdi bəy sol səmtdən dilmancın yanına yeriyib baş əydi və dedi: – Ağa, Məşədi Fərəcullah özü çox kasıb adamdı və sənəti də çarvadarlıqdı. Mən belə xəyal eləyirəm ki, Məşədi Fərəcullah bu gün kənddə olmuya; çünki bir-iki ulağı var və özü də kasıb adamdı, ola bilər ki, bu gün kirə aparmış olalar. Pirverdi bəyin sözündən sonra camaatın səsi başladı ucalmağa, hər yandan bir səs gəlirdi və hər ağızdan bir söz çıxırdı. Bir tərəfdən camaat başladı çığırmağa ki, Məşədi Fərəcullah bu gün kənddədi, özgə yana getməyib; qeyri tərəfdən də adamlar bu sözlərin əksini dedilər ki, xeyr, yalandır, Məşədi Fərəcullah bu gün kənddə deyil. Kəndlilər səs verib başladılar mərəkəni. Aralığa bashabas düşdü, bu onu-o bunu təkanlayır, biri danışır, biri çığırır, daldakı adamlar istəyirlər özlərini soxsunlar qabağa və qabaqdakılar da dəxi irəli yeriyib, gəlib çıxıblar böyüklərin qabağına. Pirverdi bəy çox səy elədi, amma camaatı bir qaydaya sala bilmədi. Axır nəçərnik atlılara çağırıb hökm elədi camaatı versinlər dalı. Bir qədər səs-səda yatdı və nəçərnikin müqabilində bir müsinn və ucaboy kəndli hazır oldu. Qiylü-qal dəxi də sakitləşdi. Haman şəxs haman Hacı Namazalı idi ki, biz qabaqda aşina olmuşuq. Hacı Namazalı sağ əlinin kəfəsini sinəsinin üstə və sol əlinin kəfəsini sağ əlinin üstə qoyub ikiqat olub başladı: – Nəçərnik sağ olsun, bu sözlər hamısı ki, burada deyildi, bu sözlər xilaf sözdü. Sən özün bilirsən ki, sənin ərzində xilaf qulluqlar eləmərəm, yalan sözlər dilimə gətirmərəm. O şəxs ki, olsun Məşədi Fərəcullah ki, indi dilmanc ağa çağırdı o, əvvəl budur ki, heç əslində çarvadar deyil. Onlar özləri bir ocaqdılar. Onun rəhmətlik babası İsfəndiyar Danabaş kəndinin rüknü idi. Müxtəsər, baş ağrısı olmasın, kim deyir ki, Məşədi Fərəcullah çarvadardı? Kim deyir ki, o bu gün Danabaş kəndində deyil? Xeyr, bular hamısı iştux sözdü. Allaha and olsun Məşədi Fərəcullah bu gün burdadı da və özləri də yaxşı güzəran sahibidirlər. Ancaq… “Ancaq” sözünü deyəndən sonra Hacı Namazalı üzünü çöndərdi əvvəl sol səmtə, sonra da sağ səmtə. Dilmanc hacının hərəkətindən bir zad başa düşüb, yeridi nəçərnikin yanına və nə dedi, nə demədi ki, nəçərnik uca səslə Pirverdi bəyi çağırıb, başladı onun üstünə çığırmağı və dilmanc tərcümə elədi ki, nəçərnik ağa buyurur bu saat Məşədi Fərəcullahı tapıb gətirsin buraya. Qlava baş üstə deyib özünü soxdu adamların içinə. Dilmanc genə başladı əlindəki kağızı oxumağı: – Kərbəlayı Cəbrayıl Kərbəlayı Nəcəfqulu oğlu. Adamların içindən otuz-otuz beş yaşında bir kəndli çıxıb gəldi ortalığa, baş əyib gözlərini dikdi nəçərnikin üzünə. Dilmanc haman kəndliyə buyurdu ki, yubanmayıb getsin və oğlu Xəlili gətirsin nəçərnikin yanına. Kərbəlayı Cəbrayıl baş üstə deyib, ikiqat olandan sonra özünü soxdu adamların içinə. Kərbəlayı Cəbrayıldan sonra dörd adam adı çağrıldı; Məşədi Yusif Kərbəlayı Muxtar oğlu, Kərbəlayı Zaman Məşədi Əli oğlu, Məşədi Ümmət Kərbəlayı Orucəli oğlu, Məhəmmədəli Cəfər oğlu. Bu kəndlilərin üçü də camaatın içindən çıxıb gəldilər qabağa. Dilmanc bunları göndərdi ki, hərə öz oğlunu dinməz-söyləməz gətirsin nəçərnikin hüzuruna. Amma Məhəmmədəli Cəfər oğlu gəlmədi aralığa. Dilmanc bir də çağırdı: – Məhəmmədəli Cəfər oğlu. Kəndlilər başlarını dikəldib, başladılar o tərəf-bu tərəfə boylanmağı. Amma Məhəmmədəli tapılmadı. Camaatın içindən bir dəstə dilmancın yanına yeriyib başladı and içməyi ki, Məhəmmədəli kənddə deyil, gedib çöldən kəngiz gətirib satsın. Amma bir bu qədər, bəlkə bunlardan da artıq adam ortalığa gəlib başladılar dəxi də bərk and içməyi ki, Məhəmmədəli anadan olan gündən indiki günə kimi bir dəfə də kəngizə getməyibdir; o səbəbə ki, Məhəmmədəlinin sənəti dükançılıqdı, nəinki kəngizçilik. Camaatın səsi genə irəliki kimi başladı ucalmağa. Hər tərəfdən bər səda gəlirdi: biri deyirdi Məhəmmədəli kənddədi, biri deyirdi xeyr, kənddə deyil, gedib kəngizə. Nəçərnikin atlıları tatarı gücü ilə bir təhər qilü-qalı yatırdandan sonra haman Hacı Namazalı genə bir-iki qədəm ortalığa qoyub, baş əyib, hər iki əli sinəsinin üstə, həqir və məzlum, üzün nəçərnikə tutub başladı: – Ağa, ərzim var. Nəçərnik izn verəndən sonra Hacı Namazalı başladı: – Ağa, and olsun yerin və göylərin xaliqinə, and olsun seyyidişühədayə, and olsun on iki imama, and olsun İsa və Məhəmmədə, o adamlar ki, camaatın bir parası gizlədib deyir ki, guya kənddə deyil, o adamlar hamı elə bu dəqiqə Danabaş kəndindədilər; necə ki, qabaqca ərz eləmişəm, bu işlərin hamısı fənd-feldi. Hacı Namazalı bu sözü deyib qurtaran kimi sol səmtdə qlava Pirverdi bəy hazır oldu, sağ əlində tatarı, sol əli sinəsinin üstə. Pirverdi bəyin dalınca bir alçaqboy, yekə qara papaq, qısa arxalıq və ağ tuman kəndli, əlində uzun zoğal ağacı və ayaqlarında çarıq, yeriyib durdu dilmancın qabağında. Qlava üzünü nəçərnikə tutub və tatarını yanınca gələn kəndliyə səmt uzadıb, uca səslə başladı: – Nəçərnik sağ olsun, mən Məşədi Fərəcullahgilin qapısına təzə yetişmişdim ki, gördüm o üzdən Allah rast saldı ki, Məşədi Fərəcullahı gördüm ki, qabağında bir-iki yüklü ulağı, Yayıncıdan yük gətirir. Çünki bu övqat çeviz və ərik qurusu İrəvan səmtində yaxşı pula gedir, odu ki, çarvadarlar bu saat bikar deyillər. Qlava bu sözləri deyəndən sonra genə camaatın səsi ucaldı, genə atlıların tatarıları şappıldadı. Hacı Namazalı genə bir neçə qədəm nəçərnikin qabağına yavıqlaşıb, sol əlini Məşədi Fərəcullaha tutub və sağ əli ilə öz saqqalının ucundan yapışıb başladı: – Ağa, indi bir sına mənim sözlərimi. Gördün ki, bu işlərin hamısı hiylədi? Pəs bayaq deyirdilər Məşədi Fərəcullah kənddə deyil? Pəs necə oldu? Sonra Hacı Namazalı camaata səmt çönüb, hər iki əlini qovzayıb, uca səslə və ürəkdən dedi… * * * Xanın təsbehi Bakı ilə Tiflisin arasında dəmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bərdəyə, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şəhərinə. Ağdamdan sol tərəfə şosse yolu gedir çıxır Qarabulağ şəhərinə, buradan Cəbrayıla, Cəbrayıldan yol gedib çıxır Araz qırağına. Məşhur Xudafərin körpüsü həmin buradadır. Bir neçə il bundan əqdəm mən həmin bu körpünü keçdim, qalxdım İranın dağlarına. Buradan Qarabağ vilayəti başlanır, ta gedib çıxır Təbrizə. Sol tərəf Şahsevən elləri, sağ tərəf Rusiya torpağının Avar sərhəddi. Yayın qabaq ayı idi. Arazın bu tərəfində isti çox şiddət edirdi. Körpünü keçib qaldıq çayın o tərəfində, bir dağın ətəyində. Sübh tezdən qalxdıq Larcan kəndinə; Quluxana qonaq olduq. Üç gün burada qalandan sonra, baş yuxarı dağları qalxa-qalxa dəxi də sərin və dəxi də səfalı İran dağlarına qalxdıq. İki gün yol gedib yetişdik məşhur Kəleybər qəryəsinə. Burada da iki gün qalandan sonra istədik gedək Əhər şəhərinə ki, sonra da oradan Təbrizə yollanaq; amma haman vilayətin məşhur xanlarından Nəzərəli xan İkrammüddövlə qabağımıza üç nəfər atlı göndərib, bizi öz kəndinə qonaq çağırdı. Biz də getməyə bilməzdik və getdik. Ağayi-İkramüddövlə Gərmə-çataq kəndində olurdu ki, həmin kənd də və qeyri ətraf kəndlərin də cümləsi xanın öz əmlakından idi. Gərmə-çataq kəndi Kəleybərdən də dəxi uca olan dağların ətəyində Mərzənli qəryəsinin sol səmtində səfalı, balaca bir yaylaqdır. Kəndin əhalisinin miqdarı olar təqribən iki yüz nəfər. Yaxşı sərin suları, gözəl otlanacaqlar…. Amma heyf və səd heyf, xanların arasında neçə ildə bir dəfə vaqe olan toqquşma nəticəsində kənd əhalisi macal tapa bilmir öz məişətini elə hala yetirsin ki, asudəlikdə belə gözəl yerdə rahat yaşaya bilsin. Bir tərəfdən də neçə il bundan qabaq orada üz verən yatalaq azarı və aclığın səbəbindən camaatın yarısı və bəlkə də yarısından çoxu qırılıb qurtarıbdır. Odur, çox yerlər boş və sahibsiz evlər, qapı və pəncərəsiz binalar gözə sataşmaqdadır. Xülasə. İkramüddövlədən nəhayət mehribançılıq gördük. Vaqeən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. Xanın əmrinə görə Gərmə-çataq kəndində bizə bir məxsusi kənd evi boşaldıb vermişdilər və bundan əlavə haman evin damının üstündə xanın xidmətçiləri iki alaçıq qurmuşdular ki, istəsək haman alaçıqlarda, istəsək bizə verilən eyvanda qalaq. Nəzərəli xan İkramüddövlə Qarabağ xanlarının ən insaniyyətli və ən tərbiyəli xanlarından hesab olunardı və xanın rəiyyətlərini danışdıranda da bir kəs tapıla bilməz ki, xandan bir zərrə qədər incimiş olsun. Bununla bərabər xanın rəiyyətlərinə nisbət rəftarına baxanda bizim kimilərə çox qəribə gəlirdi. Bir nəzər ilə baxanda haman rəftar başdan-axıra kimi zülm və sitəmdən ibarət idi. Amma bir tərəfə baxanda burada nə bir zülm, nə də sitəm görsənirdi. Bir surətdə də ki, hələ bəlkə demək olar ki, rəiyyətlər asudə istirahətlə dolanırdılar. Məmləkətdə bir müəyyən qanun görsənmirdi. Hökumətə oxşar bir idarə yox idi. Məmləkət həmin İkramüddövlədən başqa heç bir qeyri hökumət tanımırdı. Təbrizdən və Tehrandan bir xəbər və bir əlaqə yox və Nəzərəli xan hər bir kəsi asıb kəsə də bilərdi, əfv edib hər bir bəndənin ömrünü ona bağışlaya da bilərdi. Məhkəmə də özü idi, qəzavat da özü idi, şəriət də özü idi. Hər bir kəndin bir kəndxudası kəndi idarə edirdi, cəmi kəndxudaları da İkramüddövlə idarə edirdi. Vəssalam. Və həmin Nəzərəli xanın ətrafındakı vəzirlər ibarət idilər bir dəstə fərraşdan ki, əllərində şallaq küçə-bacanı gəzib, xanın əmrini rəiyyətə yetirirdi. Və lakin Nəzərəli xanın tək bircə nəfər baş vəziri var idi ki, bunun adı Mirzə Sadıq Munşi cənablarıdır ki, kəndli arasında Molla Sadıq adı ilə də məşhur idi. Nəzərəli xan da həmin Mirzə Sadıq Münşi də — hər ikisi olardı altmış, bəlkə altmış beş sinndə. Xan özü çox xoşxasiyyət nəzərə gəlirdi ki, rəiyyətlərlə bunun arasında heç bir saxtalıq, bədməzaclıq mən görmədim. Amma fərraşlara gəldikdə bunu əbədən söyləmək olmaz. Və orada gördüklərimdən bunu yadımda saxladım ki, dünyada zülm və incitmək ibarət imiş Qaradağda xan fərraşlarının rəiyyət barəsində tutduqları rəftarlarından. Sübh tezdən yuxudan oyanan kimi eşidirdik ki, rəiyyətin birinin evindən qiylü-qal səsi gəlir. Məlum olardı ki, fərraş Əli Cəfər, xanın evi üçün Kərbəlayı Musadan iki girvənkə yağ istəyir. Kişi evdə yoxdur. Arvad and içir ki, yağ yoxdu. Fərraş Əli Cəfər arvadı söyüb yamanlayandan sonra qayıdıb gedir və dübarə qayıdıb xanın təsbehini gətirir. Di çarə yox, yer deşiyindən də olmuş olsa, Kərbəlayı Musanın arvadı yağı tapıb fərraşı yola salır. Çünki xanın təsbehi gərək boş qayıtmaya. Təsbeh barəsində bir neçə söz Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir. Nəzərəli xan İkramüddövlə belə qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı — dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb "yox" deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz. Mən bir dəfə haman təsbehi gördüm. Fərraş bir kəndlidən genə xanın evinə bir qoyun istəyirdi. Qoyun da yox idi. Fərraş qayıdıb ikinci dəfə xanın təsbehini gətirdi. Kəndli fori ulağını verdi qonşusuna, bir keçi ilə bir qoyun aldı, qoyunu göndərdi Nəzərəlixana, keçini ötürdü otlamağa. Haman təsbeh qara, narın dənəli və qırmızı ipək sapa düzülmüş təsbeh idi və qeyri bir fəziləti də yox idi, savayı ondan ki, Nəzərəlixanın təsbehi idi. Biz olduğumuz ev Kərbəlayı Qurbanın yetimlərinin evi idi. Evin sahibi yetimlərin anası Pəri arvad idi. Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik, Pəri arvad da üç-dörd yetimlərilə içəri evində bir-iki baş heyvanları ilə olurdu; bir ulağ idi, bir inək idi, bir-iki də qoyun-keçi idi. Səhərlər Pəri arvad süd sağıb uşaqlara bişirəndə mən də hərdən bir gedərdim. Pəri arvad ağzında yaşmaq oraların keçəcəyindən nağıl edərdi. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi; amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. Əlahiddə bir gözəlliyi də yox idi; amma beləcə babat idi. Mən bircə dəfə gördüm ki, Mirzə Sadıq Münşi sübh tezdən Pərinin ocağının başında oturub çubuq çəkir və Pəri ilə danışırdı. İkinci dəfə də gördüm ki, Mirzə Sadıq Münşi genə haman ocaq başında oturub çubuq çəkir; amma bu dəfə məni görcək işarə ilə məni çağırdı. Mən də getdim və Pəri arvad mənim də altıma bir köhnə uşaq döşəkçəsi saldı. Mirzə Sadıq mənə əyləşməyi təklif etdi. Oturdum. Mirzə Sadıq üzünü mənə tutub dedi: "Cənab Molla Nəsrəddin, mən səni bir allah bəndəsi hesab edib bu məclisə dəvət etdim ki, mənim haqq sözlərimə şahid olasan. Mən bu saat səndən qabaq bu Pəri arvada təklif etdim ki, müvafiq qayda allah-taala göstərdiyi yol ilə mənə siğə olsun." Eləcə Mirzə Sadığın ağzından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdılar. "Molla Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü danışma. O sözü danışma, o sözü danışma!…." Vaqeən Pəri arvad bu sözləri elə bir əl-qol ata-ata dedi ki, mən dik atıldım ki, istədim qaçam. Hərçənd qaçmadım, amma yavaşca çıxdım getdim. Mənim dalımca da Mirzə Sadıq Münşi çıxdı və düz, dinməz-söyləməz çıxdı getdi. Amma bir azdan sonra haman Mirzə Sadıq, yanıyca fərraş Əli Cəfər gəlib durdular Pərinin həyət qapısının ağzında. Fərraş Pəri arvadı harayladı. Arvad çıxdı qapının ağzına və fərraş xanın təsbehini yuxarı qalxızıb, başladı ən uca səslə deməyə: "Pəri, Pəri, Pəri! Axund Sadıq Münşinin şikayətinə görə xan bu təsbehi göndərdi ki, sənə nişan verim. Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox…." Pəri arvad astanada ağzını yaşmaqla büküb, dəxi dinməz-söyləməz qulaq asırdı…. Qonşular da qulaq asırdı. O da bir söz demədi, Mirzə Sadıq da bir söz demədi, fərraş da dəxi bundan artıq danışmadı və hamı dağıldı. Bundan sonra bir neçə gün mən görərdim ki, Münşi Axund Mirzə Sadıq gəlir girir Pəri arvadın evinə və orada ocaq başında oturub söhbət edir. Mən dəxi ora getməzdim və məni ora heç çağıran da olmazdı. Bundan sonra ay yarım da Gərmə-çataqda qaldım, sonra çıxdım getdim Əhər şəhərinə. * * * Təsbeh barəsində bir neçə söz Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir. Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz. Mən bir dəfə haman təsbehi gördüm. Fərraş bir kəndlidən genə xanın evinə bir qoyun istəyirdi. Qoyun da yox idi. Fərraş qayıdıb ikinci dəfə xanın təsbehini gətirdi. Kəndli fori ulağını verdi qonşusuna, bir keçi ilə bir qoyun aldı, qoyunu göndərdi Nəzərəli xana, keçini ötürdü otlamağa. Haman təsbeh qara, narın dənəli və qırmızı ipək sapa düzülmüş təsbeh idi və qeyri bir fəzələti də yox idi, savayı ondan ki, Nəzərəli xanın təsbehi idi. Biz olduğumuz ev Kərbəlayı Qurbanın yetimlərinin evi idi. Evin sahibi yetimlərin anası Pəri arvad idi. Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik. Pəri arvad da üç-dörd yetimlərilə içəri evində bir-iki baş heyvanları ilə olurdu; bir ulağ idi, bir inək idi, bir-iki də qoyun-keçi idi. Səhərlər Pəri arvad süd sağıb uşaqlara bişirəndə mən də hərdənbir gedərdim. Pəri arvad ağzında yaşmaq oraların keçəcəyindən nağıl edərdi. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi, amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. Əlahiddə bir gözəlliyi də yox idi; amma beləcə babat idi. Mən bircə dəfə gördüm ki, Mirzə Sadıq Münşi sübh tezdən Pərinin ocağının başında oturub çubuq çəkir və Pəri ilə danışırdı. İkinci dəfə də gördüm ki, Mirzə Sadıq Münşi genə haman ocaq başında oturub çubuq çəkir; amma bu dəfə məni görcək işarə ilə məni çağırdı. Mən də getdim və Pəri arvad mənim də altıma bir köhnə uşaq döşəkcəsi saldı. Mirzə Sadıq mənə əyləşməyi təklif etdi. Oturdum. Mirzə Sadıq üzünü mənə tutub dedi: – Cənab Molla Nəsrəddin, mən səni bir Allah bəndəsi hesab edib bu məclisə dəvət etdim ki, mənim haqq sözlərimə şahid olasan. Mən bu saat səndən qabaq bu Pəri arvada təklif etdim ki, müvafiq qayda Allah-taala göstərdiyi yol ilə mənə siğə olsun. Eləcə Mirzə Sadığın ağzından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdılar. – Molla Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü danışma. O sözü danışma, o sözü danışma!.. Vaqeən Pəri arvad bu sözləri elə bir əl-qol ata-ata dedi ki, mən dik atıldım ki, istədim qaçam. Hərçənd qaçmadım, amma yavaşca çıxdım getdim. Mənim dalımca da Mirzə Sadıq Münşi çıxdı və düz, dinməz-söyləməz çıxdı getdi. Amma bir azdan sonra haman Mirzə Sadıq, yanıyca fərraş Əli Cəfər gəlib durdular Pərinin həyət qapısının ağzında. Fərraş Pəri arvadı harayladı. Arvad çıxdı qapının ağzına və fərraş xanın təsbehini yuxarı qaldırıb, başladı ən uca səslə deməyə: – Pəri, Pəri, Pəri! Axund Sadıq Münşinin şikayətinə görə xan bu təsbehi göndərdi ki, sənə nişan verim. Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox… Pəri arvad astanada ağzını yaşmaqla büküb, dəxi dinməz-söyləməz qulaq asırdı… Qonşular da qulaq asırdı. O da bir söz demədi, Mirzə Sadıq da bir söz demədi, fərraş da dəxi bundan artıq danışmadı və hamı dağıldı. Bundan sonra bir neçə gün mən görərdim ki, Münşi Axund Mirzə Sadıq gəlir girir Pəri arvadın evinə və orada ocaq başında oturub söhbət edir. Mən dəxi ora getməzdim və məni ora heç çağıran da olmazdı. Bundan sonra ay yarım da Gərmə-çataqda qaldım, sonra çıxdım getdim Əhər şəhərinə. * * * Qəssab Bir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir. Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim: – Məşədi Məmmədəli sözümü yerə salmaz və əgər qız razı isə, yəqin ki, düzəldərəm. Və bu da məlum oldu ki, Məşədi Məmmədəli üç dəfə qəssab Şamillə barışmağa gəlib və üç dəfə də acığı nəyə isə tutub, qızı vermək istəməyib. * * * Bir gün Məşədi Məmmədəliyə sifariş elədim ki, cümə axşamı gələcəyəm bozbaş yeməyə. Xəyalımda qoymuşdum ki, dəlil-nəsihətlə Məşədini yola gətirəm və elə də bir böyük üzrü yoxsa, onu həmişəlik qəssab Şamillə sazlaşdıram. Getdim. Damağım çağ idi; çünki bir tərəfdən artıq ümidvar idim ki, bu bədbəxt Şamilin işini bəlkə bir təhər düzəldəm, o biri tərəfdən də bilirdim ki, Məşədi Məmmədəlinin arvadı iranlı olduğuna görə, gərək çox səliqəli bozbaş pişirmiş ola. Qabaqkı otaqda süfrə salınmışdı: qab-qacaq, soğan, turp və nazik bazar çörəyi… Əyləşdik. Mən istədim piş əz vəqt moizəmi gödəkcə yerinə yetirib, qəssab Şamilin yanında borcdan çıxam. Dedim: – Rəfiqim, Məşədi əmoğlu, sən bilirsən ki, mən sənə xeyirxah bir adamam və heç istəmənəm sənə elə bir yol göstərəm ki, sən sonra, nəüzübillah, peşmanlıq çəkəsən. O Allah bəndəsi Şamili sən çox incitmə. Bilirsən ki, o özü bir salamat adamdır. Onunla qohum olmaq sənə heç bir yandan eyb yetirməz. Əgər əlahiddə bir maneçilik yoxdursa, ver qızı, başdan olsun getsin. Məşədi Məmmədəli çox yumşaqlıqla mənə belə cavab verdi: – Molla əmoğlu, and olsun oxuduğun Qurana, mənim heç bir sözüm yoxdur; qızı vermişəm və qurtarıb gedibdi. Amma o nainsafa da bir dəlil-nəsihət elə ki, bir surətdə ki, mənnən qohum olub, bir az da nə eybi var, istiqanlı və mehriban olsun və yeri düşəndə özgələrə nisbət heç olmasa bir zərrə qədər qayınatasına təfavüt qoysun. Məsələn Qurban bayramında sifariş eləmişdim ki, bizə bir kök qurbanlıq göndərsin. Altı manat yarım da pul göndərmişdim. Heç müftə istəməmişdim. Nə eybi var, ay zalım oğlu, elə bil bir yad kişiyəm. And olsun Allahın birliyinə, elə bir arıq heyvan göndərmişdi ki, bir dəri, bir sümükdən başqa bir şey tapa bilməzdin. Dəxi mən də daş deyiləm ki! Hirsim tutdu, sifariş göndərdim ki, bizim qohumluğumuz tutmayacaq… Xülasə… Molla əmoğlu, arxayın ol, bu qədər danışdım, səni də ac qoydum. Arxayın ol… Bir surətdə ki, sən də məsləhət görürsən, bir qızdı, vermişəm, qurtarıb gedibdir. Allah səni də dostluqdan və qohumluqdan əskik eləməsin öz birliyi xatirinə. Gedim görüm çörək hazırdırmı… Məşədi getdi, abgüştü öz əlində buğlana-buğlana gətirdi, çörək doğradı, qarışdırdı və mənə “buyur” deyib, təklif etdi. “Bismillah” deyib əlimi uzatdım, bir tikə götürdüm və gördüm ki, bozbaş babətdir; nə elə artıq ləzzətli və nə elə də artıq ləzzətsiz, yəni miyana. Bu mənim dadım. Amma qonşuma gəldikdə burada məzaqlar xeyli təfavütlü çıxdı. Belə ki, Məşədi Məmmədəli ikinci tikəni ağzına qoyandan sonra bir yavaşca guya öz-özünə dedi: – Çox yavandı. – Bir az keçdi ki, dedi: – Namərd oğlu genə yavan ət verib – və bir tikə də yeyəndən sonra əlini yeməkdən lap çəkib üzünü tutdu həyətə və ucadan arvadını harayladı: – Tükəzban, Tükəzban! Bu saat o qırışmal oğluna mənim tərəfimdən sifariş elə ki, mən dəxi ona qız verəsi olmadım. Mən təəccüb elədim, bir qədər də rahatsız oldum və bir qədər də iştaham küsdü. Bir istədim Məşədi Məmmədəliyə nəsihət edim və, yalandan bozbaşı təriflədim; amma çünki qonşumun sifətindən hirs yağırdı, bildim ki, nəsihətin faydası olmayacaq. Bununla bərabər genə özümü borclu hesab etdim bu işə qarışım, bəlkə axırı yaxşılıqla qurtara. Dedim: – Məşədi əmoğlu, bozbaş ki, o qədər yavan deyil, nə səbəbə bu qədər inciyirsən? Amma Məşədi Məmmədəli o qədər hirslənmişdi ki, deyəsən mənim sözlərimi heç eşitmədi və üzünü həyətə tərəf tutub dübarə çığırdı: – Ay arvad! Mənim axır sözümdü. Mən zarafat eləmirəm. Vermirəm! Vermirəm! Bax, aç qulağını, eşit! Məşədinin əlləri titrəyirdi. Mən məəttəl qaldım və söz yox, gəldiyimə peşiman oldum. Əlimi sildim, çəkdim kənara və Allaha şükür elədim. Ancaq bu heyndə Məşədi deyəsən yuxudan ayıldı və deyəsən səhvini və kəmədəbliyini başa düşdü; çünki gördü ki, mən də ac qaldım. Və deyəsən, hirsi bir az da soyudu; çünki alçaqdan və yumşaqlıqla: – Sən Allah, Molla əmoğlu, məni bağışla. Bu saat gərək sənə qayqanaq pişirtdirim. Sən ac qaldın. – Və üzünü genə həyətə tərəf tutub, qabaqkından bir qədər mülayim arvadını çağırdı: – Tükəzban, tez ol bir az qayqanaq pişir. Molla əmoğlu bozbaşı bəyənmədi, ac qaldı. Allah pis adamın atasına lənət eləsin. Bizi ac qoydu. Mən üzr istədim və qayqanağı qəbul eləmədim; çünki iştaham bilmərrə qaçmışdı və bir də qayqanağı mən əslindən xoşlamaram. İstədim duram ayağa. Məşədi Məmmədəli tez qalxdı ayaq üstə və məni çiynimdən aşağı basıb güclə yerə oturtdu. Mən tabe oldum. Bir az keçdi. Məşədi qayqanaq da gətirdi. Üstündən çay da içdik və hətta söhbət də elədik və axırda durdum, xüdahafiz elədim. Və istəyirdim çıxam, dayandım və baxdım Məşədi Məmmədəlinin üzünə, bir istədim qəssab Şamildən söz açam və dəlil-nəsihət edəm, amma haman dəqiqə xəyalıma gəldi ki, o bədbəxt qəssab Şamil Məşədi Məmmədəlinin acıq damarına düşübdür; yoxsa arıq qoyun və yavan ət, – bunlar hamısı bəhanədir. Haman saat mənə yəqin oldu ki, bu azarın daha dünyada bir müalicəsi yoxdur və indi də Məşədi Məmmədəli qəssab Şamillə barışıb öpüşsə də, sabah ya biri gün bir yavan ət üstə genə acıyıb küsəcəkdir. Daha bu adət oldu getdi. Bir ay, ya ay yarım keçmişdi, eşitdim Məşədi Məmmədəli qızına toy eləyib, verib qəssab Şamilə. Toya mən də dəvət olunmuşdum; amma xəstə olduğuma cəhət gedə bilmədim. * * * Zırrama Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən: – Molla əmi, yəqin ki, məni tanımırsan? Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. – Buy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşərinəm də! Niyə, Hacı Novruz ağanı tanımırsan? Mən Hacı Novruz ağanın qardaşı oğluyam da! Öz həmşərini tanımırsan? – Dedim: – Bağışla, vallah tanımıram! – Kişi bir az da ucadan başladı: – Niyə? Qala məhəlləli Hacı Novruz ağanı tanımırsan? Niyə, sən özün neçə dəfə uşaqlıqda bizə gəlmisən; biz ki, bir məhəllənin uşağıyıq. – Dedim: – Vallah, əzizim, bağışla, tanımırdım; indi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək qonağımız ol! Təzə həmşərim o biri əlimi də aldı əlinə və dedi: – Yox, əmoğlu, mən sizə getmənəm, əvvəl sən bizə gərək gələsən, sonra mən sizə gedəm; yoxsa, canın üçün getmənəm. Mənzilim bu yavıqdadır. Və bu sözləri deyə-deyə əllərimdən yapışıb başladı məni çəkməyə. – Dedim: – Sağ ol, iltifatın artıq olsun, indi gedə bilmərəm; çünki çox yorğunam. İnşaallah bir özgə vaxt gələrəm. Həmişərim bu sözləri eşitcək, guya ki, cuşə gəldi: – Sən öləsən qoymanam. Gərək gedək bizə. Bu saat samavarım dəmdədi. Sən öləsən, gərək gedəsən. Qasım ağa da bizdədi. Mirzə Abbas da bizdədi. Onları evdə qoydum, gəldim səni də aparam. Çox da səni görmək arzusundadırlar. Deyiblər Mollanı gətirməmiş evə gəlməyəsən. Mən bilmirdim Qasım ağa kimdir, hansı Mirzə Abbasdır; onların da kim olmaqlarını soruşsa idim, dostum başlayacaqdı onların da atalarından və əmilərindən bir yekə tarix açmağa. Ancaq onu elədim ki, əllərimi bir təhərlə həmşərimin əlindən qopartdım və özümü soxdum küçə qapımızdan içəri və geri çönüb bir dəfə üzr istədim. Pilləkənləri yuxarı qalxanda küçədən rəfiqimin uca səsini eşidirdim: daha bilmirdim nə deyir… Girdim evə və başladım bir tikə çörək yeməyə. Bizim balaca qız boşqabları stolun üstünə qoyanda dedi ki, bir adam gəlmişdi səni qonaq çağırırdı. Mən dinmədim (çörək ağzımda idi). Qızım duzu stolun üstünə qoyanda da dedi ki: – Gələn adam deyirdi ki, mənim adım Qurbanqulu bəydir. Novruz ağanın qardaşı oğluyam. Deyirdi Molla Nəsrəddin bizim həmşərimizdi. Səni də küçədə gözləyirdi. Bax, budu, indi genə küçənin ortasında var-gəl eləyir. Axşam vaxtı çay içdiyim yerdə küçədən bir adam məni çağırdı. Başımı qalxızıb gördüm ki, Qurbanqulu bəy əllərini belinə qoyub, başını da bir az dikəldib, bizim akoşkaya tərəf boylanır. Mən cavab vermədim. – Molla əmi, salamünəleyküm. Buyur bizə, çay içək. – Dedim: – Bəy, hazır çayımız stolun üstündə. Sən qabaqca özün buyur bizə. – Və uşağı göndərdim küçə qapısını açsın. – Molla əmi, and olsun sənin canına, gəlmənəm; sən qabaqca bizə təşrif gətirməsən, mən sizə gəlmənəm. Mən genə haman təklifi elədim. Amma rəfiqimin halətindən elə başa düşdüm ki, heç vəchlə bizə gəlməyəcək. Papağımı qoyub yendim küçəyə və nə qədər həmşərim təkid elədi, mən onlara gedə bilmədim və üzr istədim. Amma bununla bərabər dostum məni xeyli yordu; çünki beş dəqiqənin içində bəlkə min beş yüz söz danışdı. Qabaqca genə haman müqəddimədən başladı ki, Novruz ağanın qardaşı oğludur, əmisini atlı sultanı eləyiblər, özünü qubernat öz yanında baş sekretar eləyib, böyük qardaşı Xəlil ağa teleqraf naçalniki olub, kiçik qardaşı Məmmədhüseyn bəy əfsər olub, İrəvandan Məşədi Çəfər gəlib gedir Moskvaya, Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırsın, Sarvanlardan çox züvvar gəlib Xorasana gedir, Hacı Həsən ağanın oğlu Möhsün naxoş olub, həkimə gətiriblər, Rus ilə Osmanlının Kars üstə danışıqları var və araları sərinləyib, qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər, Naxçıvanda pendir bir az bahalanıb və daha da belə-belə xəbərləri barmaqları ilə saymaqda idi. Mən xudahafiz elədim və istədim uzaqlaşam. Qurbanqulu bəy istədi yapışa əlimdən və məni saxlaya, dartındım və özümü qurtardım. O, mənim dalımca genə danışırdı; amma daha uzaq idi. Haman gecənin səhəri elə bildim ki, yuxuda mənə bu sözləri deyirlər: “Əmim Novruz ağanı atlı sultanı eləyiblər, qardaşım teleqraf naçalniki olub, Məşədi Qurbanəli gəlib diş qayıtdırmağa…” Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. Bir az da o tərəfə-bu tərəfə baxdım və bildim ki, küçədə danışan var. Rəfiqim Qurbanqulu bəyin səsini haman saat tanıdım və bir az da təəccüb elədim; onun üçün də köynəkçək durdum, gəldim akoşkanın qabağına və gördüm ki, Qurbanqulu bəy genə əlləri belində durub küçənin ortasında və mənim kimi bir üzüyola Allah bəndəsi ilə qarın-qarına verib ucadan deyir: – Rus ilə Osmanlının arası sərindi. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər. Hacı Həsən ağanın oğlu Möhsünü gətiriblər həkimə… Uşaqlara yavaşca dedim ki, akoşkaya tərəf gəlməsinlər və məni soruşan olsa, desinlər gedib idarəyə. Yavaşca bir stəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa. Amma necə çıxım? Necə çıxım ki, bu zalım oğlu məni görməsin? Özgə yol da yox idi. Allah rast saldı, həmşərim nə təhər oldusa, küçədən yox oldu. Çıxdım küçəyə və ehtiyatlı keçib getdim. Aradan bir gün keçdi. Həmşərimi daha küçədə görmədim; bilmədim başı nəyə qarışıb, ya bəlkə şəhərdən köçüb gedib. O biri gün genə günortadan 3-4 saat keçdikdə ac və yorğun gəlirdim evə. Bir az da fikirli idim; amma yadımda deyil nə fikirdə idim. Küçəmizə yetişən kimi ürəyim qırp düşdü; Qurbanqulu bəy genə əlləri belində küçənin ortasında var-gəl eləyirdi və yoldan keçən bir rusla uzaqdan-uzağa bilmədim nə danışırdı. Dedim ki, bəlkə xəlvətcə özümü soxam evə; amma olmadı: zalım oğlu, deyəsən ov tulası kimi hiss eləyirdi. Uzaqdan məni görcək çığırdı: – Salaməleyküm, Molla əmoğlu! Əmoğlu, çoxdandır görsənmirsən? Deyəsən bizdən iltifatını kəsibsən? Heç demirsən, vilayətimizdən gələn kim, gedən kim? Əmim Novruz ağanı atlı sultanı eləyiblər, özüm də indi qubernat yanında baş sekretaram. Xəlil ağa teleqraf naçalniki olub. İrəvandan Məşədi Cəfər gəlib Moskvaya gedir. Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırmağa. Sarvanlardan da çox züvvar gəlib. Hacı Həsən oğlu Möhsün naxoş olub, həkimə gətiriblər. Rus ilə Osmanlının araları pozulubdu. Qaçaq Pirverdiyə 8 il Sibir kəsiblər… Mən doğrudan da çox ac idim və çox da yorulmuşdum və bunu da bilirəm ki, insan necə çətinliyə düşsə, gərək tab gətirsin və nə eləyir eləsin, amma gərək ədəbi və nazikliyi əlindən qoymasın. Bunu mən bilə-bilə, vallah, genə tab gətirə bilmədim və dinməz-söyləməz özümü soxdum dalana, qalxdım evimizə və çörək istədim. İnsafımın və vicdanımın yanında məsul olaram əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi və yarım saat da çay içib, uşaqlarla söhbətim çəkdi. Bu bir saat müddətində rəfiqim Qurbanqulu bəy genə haman küçənin ortasında əlləri belində durub, gahdan bir yol ilə gəlib gedənlərdən bəzi üzü yolaların qabağını kəsib, birinə deyirdi ki, əmim Novruz ağanı atlı sultanı eləyiblər, birinə deyirdi ki, Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırmağa, birinə də deyirdi ki, qardaşım Məmmədhüseyn bəy qoşun böyüyü olub. Dünən mən idarədə qeyri həmşərilərimin birinə rast gəldim və bu keyfiyyət yadıma düşdü. Ona dedim: – Gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmşərimiz də gəlib. – Dedi: – Kimi deyirsən? – Dedim: – Novruz ağanın qardaşı oğlu Qurbanqulu bəyi. Mənim bu sözümün cavabında indiki həmşərim Qurbanqulu bəy barəsində tək bir söz buraxdı; amma bilmirəm bu nə sirdir ki, o söz mənim yadımdan heç çıxmır. Dedi: – Ay Molla əmi, hələ o zırrama haradan gəlib səni tapıb? – Dedim: – Zırrama nəyə deyirsən? – Dedi: – Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir. – Dedim: – Bir də de! – Dedi: – Zırrama! Amma heç yadımdan çıxmır. * * * Rus qızı Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə. Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər. Naxçıvana Reynqarten yaz fəsli aprel ayının əvvəllərində gəlmişdi. Mən nədənsə bu cənabı dost tutanların içinə daxil oldum və hətta onlardan da qabağa keçdim; çünki mən də buna qoşulub Naxçıvandan bununla piyada düşdük yola və beş-altı saatın ərzində kəsə yol ilə gəldik çıxdıq Culfaya. Burada Reynqarten üçün artıq hörmət göstərildi, xüsusən qulluqçular tərəfindən. Bir gün burada qalandan sonra Reynqarten paroma minib Araz çayından keçdi İran torpağına. Mən də camaat içində idim. Yaxşı yadımdadır ki, şiddətli yağış başladı və mənim həmin müvəqqəti və misli az tapılan dostum xurcunu dalında və əlində ağac piyada üz qoydu dumanlı Təbriz yoluna. Nə qədər təkid etdik ki, bəlkə ata ya arabaya minsin, söz yox, qəbul eləmədi; çünki onun da şan və şöhrəti elə həmin piyadaçılıqla idi. Mən haman gecəni qaldım köhnə rəfiqim və həmşəhərlim Məşədi Qulamhüseynin mənzilində. Həmin Məşədi Qulamhüseyn neçə illər idi Rusiya Culfasında ticarət edirdi və komisyon işlərinə də baxırdı; yaxşı da güzəranı var idi. Əhlü-əyalı burada olmazdı. Ancaq Məşədi İmaməli adında bir iranlı bunun pişmişini pişirərdi və həmi də ticarət işlərinə kömək edərdi. Məşədi Qulamhüseyn yaşlı adam idi və hərçənd saqqalını həmişə rəng ilə qaraldardı, amma yaşı əllidən əskik olmazdı. Doğrudur, zahirdə mömin və namaz qılana oxşayırdı, amma batində əhli-damağ idi. Bununla bərabər çox sədaqətli və xoşxasiyyət idi və hər necə olmuş olsa, mən ilə onun dostluğu həqiqi və köhnə idi. Hərçənd yaşımızda təfavüt çox idi, amma meyl-məzağımız bir-birinə çox uyardı. Və aramızda da o qədər zarafat var idi ki, səhərdən-axşamadək deyib gülərdik. Gecəni yatdım və sabahısı istəyirdim ki, qayıdam Naxçıvana, Məşədi Qulamhüseyn qoymadı. Mən qalmazdım, amma dostum söz verdi ki, sabah mən ilə o da Naxçıvana bahəm gedək. Bu təklif mənə xoş gəldi və haman günü Culfada qaldım. Amma necə qaldım? Məşədi Qulamhüseyn məni axşama kimi güldürdü. Yadımdadır ki, gecə yerimin içində Məşədi Qulamhüseyn gündüz söylədiyi sözləri bir-bir yadıma salıb gülürdüm. Xüsusən bir əhvalat olmuşdu ki, onu mən o vədə Məşədi Qulamhüseyndən eşidəndən sonra gəlib Naxçıvanda yazmışdım ki, yadigar olsun; amma haman dəftəri mən itirmişəm, yadıma düşən budur ki, indi yazıram. Söhbət haman rus qızı barəsindədir ki, onun hekayəsi bu balaca kitabçada rəvayət olunur. Səhər yuxudan bir az gec oyandım. Məşədi Qulamhüseynin samavarı qabaq otaqda oxuyurdu. Dostum özü evdə gözümə sataşmırdı; amma Məşədi İmaməli samavarın yanında səliqə salmaqda idi. Durdum geyindim, çay içdim. Dostum getmişdi tamojnaya. Çıxdım həyətə və yarım saata qədər orada gəzdim və Məşədi Qulamhüseyn də gəldi. Əlində kağız-kuğuz var idi, yerbəyer elədi. Məşədi İmaməliyə nahardan yana nə isə tapşırdı və mənə təklif etdi ki, çıxaq Culfanı gəzək. Araz qırağı ilə başı aşağı başladıq yavaş-yavaş getməyə. Bir qədər gedib qayıtdıq. Hava çox xoş idi; amma bir azca yel var idi. Plan ilə təzə tikilmiş evlərin qabağında tək-tük rus əhalisi görsənirdi. Bunlar tamojna qulluqçularının əhlü-əyalı ola bilərdi. Bir dükana girdik, papiros aldıq və genə çıxdıq, başladıq gəzməyə. Burada dostum Qulamhüseyn bilmədim uzaqdan nə isə görüb qayıtdı girdi dükana və mənə dedi: – Mən dükanda olacağam. Amma sən bu gələn qıza diqqət ilə bax. Mən durdum küçənin ortasında və gördüm ki, gələn on altı-on yeddi yaşında bir rus qızıdı. Qızın zahiri çox sadə və bəlkə də kasıb nəzərə gəlirdi. Bir qədər diqqət edib gördüm ki, qız vaqeən çox qəribə qızdı: ucaboy, kağız kimi ağ, xeyli lətif və çox gözəldi. Qız keçib uzaqlaşandan sonra Məşədi Qulamhüseyn gəldi yapışdı qolumdan və bir qədər dinmədi, sonra dayandı baxdı üzümə və soruşdu: – Necə, gördün? – Mən cavab verdim ki: – Gözəl qızdı. Dostum deyəsən bir şey fikirləşirdi və məni çəkə-çəkə apardı, bir az kənarda bir daşın üstünə oturtdu və özü əyləşdi. Sonra başladı: – Əzizim, sən bilirsənmi ki, mən səni nə qədər istiyirəm və bunu da bilirsən ki, mən səndən heç bir sirri gizlətmərəm. İndi mən sənə bir söz deyəcəyəm, amma qorxuram inanmıyasan. And olsun bizim dostluğumuza, and olsun o əzizlərimizin canına ki, həmin bu rus qızı ilə iki həftə bundan qabaq mən elə bir şirin-şirin öpüşmüşəm, necə ki, aşiq ilə məşuq çox illər ayrı düşəndən sonra görüşüb öpüşərlər. Doğrudan mən istədim şəkk edəm, amma bir tərəfdən dostumun andı, o biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub məni bir halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım. Bunu gərək qabaqca ərz edəm ki, Məşədi Qulamhüseyn qoca olduğu halda çox da çirkin idi: qabaq dişlərinin çoxu düşmüşdü, qalanları da qaralıb uzanmışdı; bilmək olmurdu onların hansı üst dişləridi; hansı alt dişlərdi. Mən güman edirəm ki, nəinki on altı yaşında gözəl rus qızı, bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib qaça bilərdi. Mən dostum Qulamhüseynə belə cavab verdim: – Yəqin ki, qız sənnən öpüşən vaxt kefli imiş. – Yox, and olsun sənin əziz canına, lap ayıq idi; çünki o qız heç vaxt kefli olmaz və heç vaxt içki içməz. – Dedim: – Bəlkə qız yuxuda olan vaxt sən gedib onu öpmüsən ki, xəbəri olmuyub. – Dedi: – Əziz canın üçün lap ayıq vaxtda olub. – Dedim: – Elədə o öpüşü çox baha qiymətə almısan. – Dedi: – And olsun sədaqətə, bir qəpiyə də almamışam. – Dedim: – Əzizim, dəxi mən bir şey anlamadım. Rəfiqim düşdü qabağa və yavaş-yavaş gəlirdik mənzilə tərəf. Nahar vaxtı deyildi. Mənzilə çatdıq və gördük ki, çay dəmdədi. Məşədi İmaməli çay gətirdi, yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə-badam gətirdi qoydu qabağımıza. Nədənsə rus qızının söhbəti yadımdan çıxmadı. Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsa idim, xəyalıma gələrdi ki, şayəd yalan deyir; amma bilirdim ki, rəfiqim mənə yalan deməz. O biri tərəfdən də inana bilmirdim ki, bayaq gördüyüm gözəl rus qızı belə çirkin qoca kişiyə müftə yerə rəğbət edə. İkinci stəkana qənd salıb başladım qarışdırmağa və istədim qız söhbətini təzələyəm, amma Məşədi İmaməlinin girib-çıxmağı mane olurdu. Çay içib qurtardıq və Məşədi Qulamhüseyn İmaməlini göndərdi tamojnaya ki, Məşədi Əbdüləli dostunu nahara qonaq çağırsın. Mən fürsət tapıb üzümü tutdum Qulamhüseynə və dedim: – Mən müntəzirəm. – Dedi: – Niyə? – Dedim: – Rus qızının söhbətinin axırına. Məşədi Qulamhüseyn gülümsündü, amma dinmədi. Papirosunu yandırıb başladı sümürməyə və bir qədər fikrə gedəndən sonra dedi: – Qulaq as. – Dedim: – Asıram. Dostum genə bir qədər fikrə gedib dedi: – Qoy bu söhbəti bilmərrə qoyaq kənara. – Dedim: – Yox, Məşədi Qulamhüseyn, əgər sən bayaq nağıl elədiyin keyfiyyəti məhz zarafat üçün düzəldib nağıl eləyirdin ki, ancaq bir qədər gülək, günümüz xoş keçsin, söz yox, daxı bu barədə heç danışmayaq, keçək bir ayrı söhbətə; amma əgər rus qızı xüsusunda rəvayət elədiyin söhbət səhihsə, onda mən səndən acizanə, dostluğumun naminə rica edirəm ki, bu sirri açıb mənə bəyan edəsən. – Dostum dedi: – Di elədə yaxşı qulaq as. – Dedim: – Hazıram. Məşədi Qulamhüseyn belə başladı rəvayət eləməyə: – Bu rus qızı, necə ki, qabaqca da demişəm, tamojnada dasmotrşik İvanovun qızıdı. Atası bizim tamojnada dörd ildir qulluq edir və çox da yaxşı kişidir. Tamojna qulluğunda onun da mənə yaxşılığı keçər, mən də ona görüm-baxım edərəm. İşlərim yaxşı tutanda ona parçadan, xoşgəbardan sovqat göndərərəm. Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq da çağırırlar. Mənim, doğrusu, onlara getməyə çox xoşum olmazdı; çünki hər işləri öz qaydasınca yola vurmaq olar, ancaq kifir uşağı kifirlər donquz ətindən əl çəkmirlər. Gözəl qızdan savayı bunların genə iki balaca qızları var: biri yeddi-səkkiz, biri dəxi də ondan kiçik. Qabaqlarda mən onlara gedib gələndə xəyalıma bir şey gətirməzdim; amma axır vaxtlar haman qıza diqqət elədim gördüm ki, vaqeən xeyli gözəldir. Amma çifayda, yaşımın bu vaxtında o cür hurilər ilə dostluq qatmaq bizə, söz yox, qismət olmuyacaq. Xülasə. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi. Mən hər ilki kimi getdim rus və erməni aşnalarımın evinə bayram görüşünə. Qabaqca getdim tamojna nəçərnikinin evinə, ordan poçt nəçərnikigilə və müxtəsər belə-belə axırda gəldim həmin İvanovgilə. Evin içində oxumaq səsi gəlirdi. Girdim içəri, gördüm üç-dörd nəfər rus kişisi, ev sahibi özü, arvadı, qızları stolun başında oturub yeyib içməkdə və oxumaqdadırlar. Məni görcək məclis tamamən “urra” qışqırıb qalxdı ayağa, bir neçəsi qaçdı qabağıma, başladılar məni qucaqlamağa və öpməyə və hər birisi məni öpdükcə deyirdi: “Xristos voskres”, yəni İsa dirildi. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün bir bayram günüdür ki, xaçpərəst içində öpüşməyi rədd etmək böyük ədəbsizlik və bəlkə də günah hesab olunur. Mən qorxdum ki, bu qanunu pozmaqla ev sahibini həmişəlik özümdən incidəm. Bu da mənim üçün məsləhət deyildi. Qabaqca mən ilə öpüşən İvanov ilə üç nəfər kişi idi ki, bunların ikisini tanıdım: birisi genə bizim tamojnada dasmotrşik Vasilyev idi, o birisi bir cavan oğlan idi. Bunlardan sonra İvanovun arvadı haman kişilər kimi özü yavıqlaşdı və onlar kimi mənim dodaqlarımdan müvafiq qaydada öpdü, çəkildi. Sonra aha… gördüm haman gözəl qız… aha… yavıqlaşır… sənin əziz canın üçün, atamın qəbrinə and olsun, haman sən gördüyün gözəlçə rus qızı, o laləyə oxşayan dodaqlarını gətirib yapışdırdı mənim ağzıma və “Xristos voskres” deyib məni elə öpdü ki, huşum az qaldı başımdan dağıla və çünki mən bunu bilirəm ki, sən məni yaxşı tanıyırsan, bu səbəbə də artıq and içməyi lazım bilmirəm. Məşədi İmaməlinin başmağının səsi gəldi və söhbət burada qurtardı. Məşədi İmaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseynlə bahəm Naxçıvana gedək. Sübh tezdən durduq və çayımızı içib, ikiqatlı poçt arabasına mindik və yola düşdük. Atları sürən bir yekə papaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. Hava bərk soyuq idi; amma Əlincə çayında gün elə qızdı ki, daha buludlardan kölgə umurduq. Məşədi Qulamhüseyn az danışırdı. Mən bir qədər alçaqdan buna dedim: – Məşədi Qulamhüseyn, sən bilirsən ki, dünyada sənin tək mənim heç iki nəfər də dostum yoxdur. İndi gərək bizim bu dostluğumuzun xatirəsinə sən mənə ən səmimi qəlbdən deyəsən görəm, haman rus qızı ki, küçədə bizim qabağımıza çıxdı və sən məni xəbərdar elədin ki, mən ona diqqətlə baxım, bəs səbəb nə oldu ki, sən gizləndin və istəmədin ki, qız səni görsün? Burada Məşədi Qulamhüseyn bir baxdı üzümə, amma dinmədi, sonra qəh-qəh çəkib güldü; o qədər güldü ki, arabaçımız yuxudan oyanıb, əvvəl bizə tərəf döndü baxdı, sonra başladı atları haylamağa. Təkərlərin hay-küyü Məşədi Qulamhüseynin gülməyini basdı və dostum ovcunun içində papirosunu tüstüləyib ağzını tutdu qulağıma tərəf və dedi: – Utanıram. – Və genə qəh-qəh çəkib güldü. Mən də başladım gülməyə və doğrusu budur ki, heç özüm də bilmirəm ki, niyə gülürəm. Yarım saatdan sonra gəldik çıxdıq Çeşməbasar kəndinə. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından-bu qulağından dartmağa. Sonra qamçısını arabanın içinə tullayıb getdi; haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. Ağızlarından cilovun dəmirini aldı və getdi girdi çayçı dükanına. Biz də düşdük yerə və bir neçə qədəm kənara gedib bir dik yerdə əyləşdik. Məşədi Qulamhüseyn əlini qoydu dizinin üstünə və mənə dedi: – İndi sən gərək cəmi əzizlərinin canına and içəsən ki, bu saat burada sənə hər nə nağıl eləsəm, onu nə qədər canın sağdır, bir yanda bir kəsə söyləməyəsən. Mən and içdim. Məşədi Qulamhüseyn başladı. – Uca olan Allah-taala cəmi günahkarların günahından keçsin, mən də onların içində. Ağama ərz olsun ki, bayram günü İvanovun evindən çıxdım, düz getdim mənzilə. Nahar vaxtı idi. Məşədi İmaməli çörəyi gətirdi qoydu ortalığa; amma gördüm ki, iştaham yoxdu. Axşam vaxtı bir stəkan çay içdim və güclə bir tikə çörək yedim, yatdım və sübh tezdən durub getdim Araz qırağına. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi və dünyada yaşıyan adamlar ilə işi də yox idi; çünki nə rusların pasxa bayramından xəbəri vardı, nə də rus qızları ilə öpüşməyin dadını anlamışdı. Çayın kənarından qayıdıb bir də gördüm ki, İvanovun evinə tərəf üz qoyub getməkdəyəm. Mərdi-mərdana girdim həyətə və İvanovun qapısını döydüm. Qapı açıldı, qapını açan haman kafirin qızı idi. Mənim indi yaxşı yadımda deyil ki, mən nə elədim, amma bunu bilirəm ki, “Xristos voskres” deyib qucağımı açdım qızın qabağına və istədim qızı qucaqlayıb öpəm. Məşədi Qulamhüseynin söhbətinin burasında mən daha özümü saxlaşdıra bilmədim və bərk güldüm; amma Məşədi gülmədi və dedi: – Amma bu zalımın qızı, bu mürüvvətsizin qızı, qoşa əllərini yuxarı qalxızıb tutdu gözümün qabağına və ancaq bunu dedi: – Poşol k çortu!.. Məşədinin ağzından bu söz çıxan kimi mən elə bərk uğundum ki, arabaçı çayçı dükanından çıxıb başladı mənə tamaşa eləməyə... Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana. * * * Sirkə Bir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində. Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş… Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə. Parapet bağına yavıqlaşanda Bakı ədiblərindən birinə də rast gəldik. Bu da qoşuldu bizə. Olduq dörd və Mixaylovski küçə ilə biz yarım saat oyza-buyza var-gəl edəndən sonra Bakıya təzə varid olan rəfiqimiz dedi: – Doğrusu, mən acımışam. Biz dördümüz də dayandıq və başladıq bir-birimizin üzünə baxmağa. İkinci bakılı ədib yoldaşımız dedi: – Gedək bizə. Birinci ədib yoldaşımız soruşdu: – Nəyiniz var evdə yeməli? İkinci bakılı ədib yoldaşımız belə cavab verdi: – Siz öləsiz, bir saat bundan qabaq getmişdim bazara. Təzəcə bir araba kütüm balığı bazarın ortasında saxlayıb satırdılar, camaat da çox şirin alırdı. İki dənə balıq da mən aldım; ikisi on iki girvənkə gəldi. Balıqları bir uşağın əlinə verdim apardı evə. İndi bu saat [anam] o balıqların ikisini də bişiribdir. Əgər biz bu saat dördümüz də getsək bizə, haman balıqları qoyarıq qabağımıza və şirin söhbət edə-edə nahara məşğul olarıq və ola bilər ki, xaçpərəstlər istemal edən və biz mömün bəndələrə haram buyurulan “zəhrimardan”-zaddan da evdə tapıla; çünki balığın yanında içməli bir şeyin qonşuluğu heç yaman olmaz. Biz hamımız ac idik, onunçün də bu təklifi qəbul edib getdik. Süfrəni döşədilər… Qab-qaşıq və duz-çörək gətirdilər və burada mən gördüm ki, ev sahibi ədib rəfiqimiz bir növ təşvişdədir və o otağa soxulur, bu otağa soxulur, guya bir şey axtarır. Axırda gəldi durdu qabağımızda və əllərini dizlərinə vurub dedi: – Heyif, balıq ləzzət verməyəcək. Biz səbəbini soruşduqda dedi ki, evdə sirkə yoxdu. Kütüm balığını da sirkəsiz yedin, ya heç yemədin – ikisi də birdir. Və bu sözləri deyəndən sonra ev sahibi qaçdı çölə və haman saat sevincək qayıdıb gəldi. Əlini bir-bir qoydu biz üç ədibin çiyninə və şad, sevincək dedi: – Siz öləsiz, bax, bu dəqiqə sirkə gələcək. Biz hərçənd doğrudan da ac idik, ancaq sirkənin gəlməyinə çox böyük həvəslə dayandıq. O səbəbə ki, doğrudan hər bişmişin öz qanunu və öz xasiyyəti var və təzə balığı sirkəsiz yemək, əti duzsuz yemək kimi bir şeydir. On dəqiqə keçməmişdi ki, bir balaca uşaq bir böyük şüşə dolusu qırmızı sirkəni gətirib qoydu stolun üstə, qaçdı getdi və ev sahibi ədib yoldaşımız balıqları buğlana-buğlana iki böyük qabda “pəh-pəh” deyə-deyə gətirdi qoydu stolun üstə. Qapının arasından da bir qoca arvad başını çıxardıb mehriban və səsi titrəyə-titrəyə dedi: – Yeyin, qadanız mənə gəlsin. Bu arvad ev sahibi ədib yoldaşımın anası imiş. Bakıya təzə varid olan ədib rəfiqimiz çəngəli balığın bir tikəsinə ilişdirib qalxızdı yuxarı və burnunun qabağına tutub iylədi və dedi: – Pəh-pəh!.. Deyəsən yeməli balığa oxşayır. Ev sahibi ədib yoldaşımız da balığın bir tikəsini çəngəlnən götürüb qoydu mənim boşqabıma və bir tikəsini də öz boşqabına qoyub pəh-pəh eləyə-eləyə dedi: – Siz öləsiniz, balığın bir ətrinə tamaşa eləyin ey!.. Pəh-pəh, balıq, nə balıq. Balığı da təzə-təzə yeyəsən; təzə ki, olmadı – daha onun nə ləzzəti? Birinci bakılı ədib yoldaşımız çəngəli ilə balığın tikələrini seçə-seçə ev sahibi ədib yoldaşımıza belə diqqət tutdu: – Mən ölüm, ay Əhməd Fitrət (ev sahibi ədib yoldaşımızın adıdır), o yediyin balığın adını ata-anamız “balıx” qoyub, sən də elə “balıx” de, “balıq” demə. Əhməd Fitrət bu heyndə sirkə şüşəsini əlinə götürüb, balığın üstə tökmək istəyirdi və birinci bakılı ədib yoldaşımızın tənqidinə bilmədi o saat nə cavab versin. Ancaq şüşənin ağzını açmamış qoydu stolun üstə və bir qədər də dinməyib, sonra dedi: – Mərhum atamız, doğrudur, “balıx” deyiblər, amma biz gərək “balıq” deyək, nəinki “balıx”. Bakıya təzə varid olan ədib rəfiqimiz Əhməd Fitrətdən soruşdu: – Axı bir səbəbi var ya yox? Əhməd Fitrət də bundan soruşdu: – Nəyin səbəbi? Mən burada üzümü Əhməd Fitrətə tutub dedim: – Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd Azərbaycan balaları ki, oturub burada balıx yeyirik, nə səbəbə biz bu balığa “balıq” deyək, “balıx” deməyək? Əhməd Fitrət bir qədər ucadan dedi: – Balıx nədi? – “Balıx”, bax bu yediyimiz heyvanın adıdır. Əhməd Fitrət çəngəli stolun üstünə qoyub, dik qalxdı ayağa və ağzında yavan çörəyi çeynəyə-çeynəyə dedi: – Ay mənim əziz qardaşlarım, axı bir mənə deyin görüm, axı hər dilin bir qanunu var. Axı bizim türk dilinin də bir qanunu var ya yox? Birinci bakılı ədib yoldaşımız çəngəli qoydu stolun üstə, bir az ucadan, bir az da hirsli, buna belə cavab verdi: – Allah atana rəhmət eləsin, ay Əhməd Fitrət. Bir bizi başa sal görək, o necə qanundu? Bəlkə doğrudan da biz qanmırıx. Bakıya təzə varid olan ədib rəfiqimiz də bu söhbətə qarışıb o da çəngəli qoydu yerə və üzünü Əhməd Fitrətə tutdu: – Əhməd Fitrət, qardaş, sən deyəsən hirslənirsən… Əvvələn, burada hirslənmək heç lazım deyil və ikincisi budur ki, axı… Əhməd Fitrət bunun sözünü belə kəsdi: – Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin bir qanunu var və o qanuna biz də gərək tabe olaq. Məlumdur ki, türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə başımızı aşağı salıb Kabla Məmmədcəfər və Fatma xalalar kimi deyirik. Elə ata-babalarımız və cici-bacılarımız deyən kimi biz də gərək balığa “balıx” deyək? Bakılı birinci ədib yoldaşımız da balıqdan bir tikə ağzına qoyub, bir az coşmağa başladı və dedi: – Əlbəttə, gərək “balıx” deyək. Bəs necə sən ana dilin tərəfdarısan? Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az da ucadan və əllərini ölçə-ölçə ağzı göyşəyə-göyşəyə bu cür dedi: – Qardaş, burada ana dilinin nə dəxli var? Məgər “balıx” deyəndə ana dili olur, “balıq” deyəndə ana dili olmur? Bir də mən qanmıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? Yəqin ki, dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qanunlarını vəz edən, həyata tətbiq edən var. Asim bəyin dil barəsində tətəbböatını… Əgər bunları… Dörd nəfər türk ədibləri, yəni mən də onların içində, belə mübahisə etdiyimiz əsnada, on iki girvənkə gələn balığı iki nəfər yeyib az qalmışdılar ki, sümükləri də yesinlər ki, bu arada qapının arasından ev sahibinin qoca anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi: – Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzını heç açmadız da? Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq ki, doğrudan da “balıq”nan “balıx” sözlərinin mübahisəsinə biz dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib qurtarana kimi o gözəl sirkə ağzı tıxaclı dəc qalıb stolun üstündə; bir surətdə ki, haman sirkəni dördümüz də tamam yarım saat gözlədik ki, bazardan gəlsin. * * * Yan tütəyi Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də sözünü türkcə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə. Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir: yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun. Amma məni təəccübləndirən iki şey oldu: biri bu idi ki, camaat adəti həddən artıq gəlirdi və ikincisi də bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqda çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir. Təəccüb! Məgər bunlar hamısı çobandırlar? Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə münasibətlə buraya bu gün cəm olublar və kim bunları çağırıb?.. Mən, – necə ki, naçalnik dilmancı, – borc bildim çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə: – Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərmə-çataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz – bax, beş-on dənə yığıb gətirmişik. Vallah, billah, tapılmır. Çobanların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sarvanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq. Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyirdim yadıma düşmürdü ki, naçalnik divanxanası Gərmə-çataq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata dedikdə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib Gərmə-çataq yüzbaşısına ki, bu gün yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin. Mən daha təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır? Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərmə-çataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərəli və bunların da yanlarında bir neçə nəfər Gərmə-çataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca. Burada məni təəccübləndirən bu oldu ki, indi gələn kazakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyildilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdir ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var. Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, – bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar. Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam. Burada naçalnikin çox uca və çox acıqlı səsini eşitdim: – Mirzə Abbas! (Məni çağırırdı). Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalnikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyəcək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə tərəf uzatdı və soruşdu: – Bu nədi? Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində gördüm. Naçalnik bir də dedi: – Bu nədi? Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyidir. Naçalnik belə giley-güzar başladı: – Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa girdin? Mən cavab verdim: – Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm. Elə ki, bu söz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib, az qaldı kağızı soxa mənim ağzıma və çığırdı: – Oxu. İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxudum; çünki gözlərimi toz bürümüşdü. Amma kağızın məzmunu belə idi: “Hökm. Gərmə-çataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə, Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şəriflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki həmin qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi təxirə salasan ki, məsuliyyət altına düşəsən. Vəssalam. İrəvan naçalniki Petrov”. Demək, həmin hökm yazılıb bizim divanxanadan, hökmə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəsti-xəttilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçalnikinin dilmancı. * * * Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş. Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, yapışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazından (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğulardı və boğulub öləndən sonra ağlı başına gələrdi. Əhvalat belə imiş: hər kəs istəyir həmən qilü-qalın əslindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun. * * * İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım. Amma necə qaldım? Əmoğlum Pirverdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz behiştin bir güşəsi idi. Pirverdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü. Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah Allaha, mənə də elə xoşbəxtlik üz verdi ki, mən də Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım pambığın arasına, qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxardım və üst-başımın tozunu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa. Amma, heyif və heyif; nə qədər püfləyirəm – tütək heç bir səs vermir. Dodağımı gah belə tuturam, gah elə tuturam, gah yavıqdan çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək ancaq körük kimi fısıldayır, ancaq bir səs çıxartmır. Daha yorulub, bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüm tütəyi və genə istədim çalam. Xeyr, çalınmır. Dedim bəlkə yolda tütək xarab olub; diqqətlə o tərəfə-bu tərəfə baxdım. Xeyr, salamatdır, amma çalınmır. “Allahü-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə istədim imtahan eləyəm. Xeyr, çalınmır. Bari pərvərdigar, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məhrum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmisən? Mən nə günahın sahibiyəm? Və belə-belə Allahı çağırmaq genə bir fayda bağışlamadı, çünki bu xeyir-duadan sonra nə qədər əlləşdim, – tütəyim çalınmadı. Yada salıram Pirverdinin çalmağını: tütəyi belə tuturdu, sağ əlini qoyurdu, sol əli ilə belə yapışırdı, barmaqları burada olurdu, dodaqlarını belə yumurdu. O ki, bunları belə eləyirdi ki, mən də belə eləyirəm, bəs niyə bu şoğərib tütək onun əlində çalınsın, mənim əlimdə çalınmasın!.. * * * Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stəkan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı. Ax, haradasan, əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!.. Saata baxdım; qulluğumun vaxtından yarım saat keçirdi. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə. Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu, adamların yaxşı, ya pis hərəkəti, dağ, daş, otlar və ağaclar, – guya bunların hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim tütəyim səs çıxardıb. Divanxanaya yetişdim, yoldaşlarımın cəmisinə salam verdim və bir-ikisinin qulağına pıçıldadım ki, bü gün mənim tütəyim çalınıbdır. Oturdum, kağız-kuğuzu çıxartdım, başladım yazmağa. Amma hər nə ki yazıram, – heç bilmirəm nə yazıram, hər kəslə danışıram, – bilmirəm nə danışıram; çünki fikrim tütəyin yanındadır. Saatı çıxardım qoydum stolumun üstə ki, görüm saatın şümarələri nə vaxt gəlib 3-ün üstündə duracaqlar ki, börkümü götürüb qaçım evə. Bu arada naçalnik məni çağırdı və belə dedi: – Götür, bu saat bir hökm yaz Gərmə-çataq yüzbaşısına ki, iyun ayının ikisində əlbəttə və əlif-əlbəttə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şərəflərinə əlli dörd dənə araba camaatdan yığıb göndərsin; çünki qoşunlar haman tarixdə, haman arabalara minib Kənakir kəndinə yaylağa gedəcəklər və bu işi məbada təxirə salasan ki, məsuliyyət altına düşərsən. Vəssalam. Mən naçalnikə “baş üstə” deyib getdim. Hökmü yazdım və gətirdim naçalnikin qabağına qoydum. Bu da bir-iki sətir başdan və bir-iki söz axırdan oxudu və qələmi götürüb qol çəkdi, qaytardı mənə; amma bircə bunu dedi ki, “tez, tez, bu saat göndər”. Hökmü haman dəqiqə dəftərə saldılar, qoydular paketə və göndərdilər. Amma araba nədir, zad nədir? O gün mənim beynimə belə-belə sözlər çox çətin girə bilərdi; çünki o gün mənim fikrim-zikrim məhz yan tütəyinin yanında idi. Və o gün məndən ötrü yan tütəyindən savayı heç bir şey yoxdu və ola da bilməzdi. Və gör o günü məndə olan yan tütəyinin eşqi nə qədər qəliz imiş ki, naçalnikin hökmündə “araba” əvəzinə “yan tütəyi” yazmışam. Hökm də gedib Gərmə-çataq yüzbaşısına çatandan sonra, o da hökmü verib mirzəsinə oxudub və camaata xəbər veriblər ki, naçalnik camaatdan əlli dörd dənə fleyta, yəni yan tütəyi istəyir. Hamı məəttəl qalıb, aya, bu qədər yan tütəyini haradan yığmaq mümkündür və aya, görəsən qoşuna bu qədər yan tütəyi nə lazımdır; çünki axı yan tütəyini minmək olmaz! Bu at deyil, eşşək deyil. Və axırda yüzbaşı və kənd mirzəsi ki, camaat içində hamıdan çox bilən imişlər, camaatı başa salırlar ki, yəqin qoşunların musiqi dəstəsinin çalğılarının xərcini hökumət istəyir kənd camaatının öhdəsinə qoysun. Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qərar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib göndərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütəyi alsınlar və çobanlardan da hər nə bacarsalar, yığıb aparsınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini camaatın üstünə yıxmasınlar; çünki Gərmə-çataq camaatı çox kasıbdır. * * * İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçalnikindən haman gün əlli dörd araba istəmişdilər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazımi qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba hazır olacaq. Haman iyunun ikisində arabalar gözlənilən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirlər ki, Gərmə-çataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşının da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazılıb. Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən sonra yüzbaşını da, onun yasavulunu da və gətirdikləri yan tütəklərini də götürüb, bir neçə kazak əsgərləri də onların dalınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir. Xülasə. Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayi-taaladan qismət deyilmiş. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım. * * * Şərq fakültəsi 1920-ci ilin sentyabr ayının on ikisində darülfünunun Şərq fakültəsində imtahanlar tamam oldu və sabahı günü, yəni sentyabrın on üçündə cavan tələbə Əbdülhəsənzadə Xəlil darülfünuna gəlib gördü ki, yubanıbdır; çünki imtahan tutan tutub, tutmayan qayıdıb gedib. Əbdülhəsənzadə bir az təşvişə düşdü və darülfünunun böyük və uzun dalanında ağ rənglə ağarılmış divarlara vurulan cürbəcür elanlara göz gəzdirdi, bəlkə Şərq fakültəsinə daxil olanların siyahisini görə. Amma haman siyahi hələ divarda ola bilməzdi; o səbəbə ki, professorlar şurası ancaq o gün axşam baş tutacaqdı və qəbul olunanlar və olmayanlar məhz haman şurada bəlli olacaqdı. Əbdülhəsənzadə Xəlil heç bir yandan özünə təsəlli tapa bilməyib, üz qoydu professorlar kabinəsinə tərəf. Bunun qabağına oradan tibb şöbəsinin professoru məşhur təbib İvanov çıxdı. Məlum ki, Xəlilin bununla işi yoxdu; ona ancaq Şərq fakültəsi professoru lazım idi ki, ibarət ola, məsələn, professor Süleymanbəydən, ya qeyri birindən. Onun üçün də Xəlil məcbur oldu gedib kabinədən bunları soruşsun. Bu heyndə Xəlilin baxtına Süleymanbəy və genə Şərq fakültəsinin müdərrisi Əhməd Zəki əfəndi (çox yaxşı adamdır) çıxdılar dalana və cavanın dərdindən xəbərdar oldular. Professor Süleymanbəy qəti cavab verdi ki, daha iş işdən keçib. Xəlil başladı şiddətlə yalvarmağa və müdərris Əhməd Zəki əfəndi, deyəsən insafa gəlmək istədi və professor Süleymanbəyə yavıqlaşıb ona yavaşca nə isə dedi. Bu iki pedaqoq bir neçə dəqiqə bir-birinə pıçıldaşandan sonra Əbdülhəsənzadə Xəlili çağırdılar və müdərris Zəki əfəndi ona belə dedi: – İndi sən özün də görürsən ki, imtahanlar qurtarıbdır və sən gecikmisən, fürsəti itirmisən. Amma, doğrusu, mənim də və professor Süleymanbəyin də sənə yazığımız gəlir və sözün doğrusu, əgər imtahana hazırsan, biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan. Əgər yaxşı yazdın və sənin ləyaqətin bizə aşkar və əyan oldu, onda biz dəftərini dünən imtahan verənlərin cərgəsinə daxil edərik və göndərərik Maarif Komissarlığının komissiyasına. Əgər sənin yazın ləyaqətli görülsə, ola bilər ki, qəbul olunmağın bəlkə baş tuta bilə. Xəlilin şadlığının həddi və hesabı yoxdu. Üçü də getdilər leksiya otağına və professor Süleymanbəy qara taxtanın qabağına gedib, təbaşiri iki barmağı ilə götürüb türkcə belə yazdı: “Hər nə əkərsən, onu biçərsən”. Bunu yazıb Xəlilə tərəf çöndü və dedi: – Bu temaya bir məqalə yaz. Ancaq nə çox uzun olsun, nə çox qısa olsun: məsələn, dörd səhifə qədərincə, təqribən bir o qədər olsun. Xəlil “baş üstə” deyib oturdu yazmağa. Professor Süleymanbəy və müdərris Əhməd Zəki əfəndi çıxdılar dalana, papiros yandırdılar və başladılar çəkməyə. Bizlərdə şagirdə tema verib yazı yazdırmaq adəti rus müdərrislərindən götürülüb. Tema – bir yazının, bir məqalənin ünvanıdır; məsələn, bir risalənin mövzusu yatalaq xəstəliyidir. Yatalaq xəstəliyi bu risalənin temasıdır. Birisi bir şairin barəsində bir yazı başlayır; o şairdən bəhs edir. Həmin şair həmin məqalənin ünvanıdır və ya temasıdır. Birisi bir məsələni ünvan edib, uzun-uzadı bir kitab bağlayır; məsələn, “İdareyi-müstəbidənin hüsni-əxlaqa təsiri”, “Bir məmləkətin abü-həvasının o yerin əhalisinin xasiyyətinə olan münasibəti” və qeyri belə-belə məsələlər… Bir temanı ünvan edib, bir məqalə inşa etmək, yəni verilən temaya bir məqalə yazmaq bir tərəfdən çox çətindir, bir tərəfdən də çox asandır. Çətindir ondan ötrü ki, çox vaxt elə olur ki, heç bilmirsən nə yazasan, haradan başlayasan, harada qurtarasan. Tema tək ikicə sözdən ibarətdir; amma sən gərək azından iki min söz düzəldib yazasan. Məsələn, tək ikicə kəlməni qoyurlar qabağına, deyirlər yaz: “Şair Nəbati və kitab”. Yaz görüm nə yazacaqsan. Rus məktəblərində ikinci dərəcəli tələbələrə belə-belə tema verilir: “Şair Lermontov və Qafqaz dağları”. Bir dəfə yadıma gəlir ki, belə tema verilmişdi: “Şair Turgenev və rus xanımlarının sarı saçı”… İndi yaz görüm nə yazacaqsan, canın çıxsın. Turgenevin on yeddi cild romanlarını tök qabağına, axtar tap, gör rus qızlarının sarı saçlarını zalım oğlu hansı cildində tərifləyib. Axır zaman orta məktəblərin axırıncı imtahanında belə-belə temalar gözümə sataşırdı: Zülmün nəticəsi. Məmmədəli şah və İranda mütrübbazlıq. İndiki atalar və indiki oğullar. Və hətta keçən il Bakıda mədrəsədə (demirəm hansında) bir belə tema verilmişdi: “Hər kəsə dust dedim, düşməni-can oldu mənə” və qeyriləri… Digər tərəfdən də bir temaya inşa yazmaqdan asan bir şey yoxdur; ancaq bir az cürətli gərək olasan və bəistilahi-rus bir az da fantaziya əhli gərək olasan. Vəssalam. Bizim söhbətimizə gəldikdə tələbə Əbdülhəsənzadə Xəlil – necə ki, axırda məlum oldu – heç də aciz deyilmiş. Elə ki, professor cənabları dalanda yarım saat qədər papiros damaqlarında gəzib, var-gəl edib, istədilər otursunlar skamyanın üstə, Xəlil əlində dəftər leksiya otağından çıxdı və xeyli ədəb və ehtiyatla dəftəri gətirdi iki əlli tutdu professor Süleymanbəyin qabağına. Müdərris Əhməd Zəki əfəndi soruşdu: – Qurtardı? Cavan tələbə cavab verdi: – Bəli. Professor Süleymanbəy eynəyinin şüşəsini təzə ütüyə çəkilmiş ağ dəsmalı ilə silə-silə dəftərin birinci səhifəsini tutdu gözünün qabağına və başladı oxumağa. Səhifənin axır sətirlərinə çatana yavıq vərəqi yavaş-yavaş qaldırdı ki, o biri səhifəni açsın, vərəqi çöndərdi və başladı gülməyə. Xəlil özü də bir az gülümsündü. Amma müdərris Zəki əfəndi professorun gülməyinə deyəsən təəccüb elədi və bu da başladı Xəlilin yazısına diqqətlə baxmağa. Professor cənabları dəxi özünü saxlaşdırmadı və daha da ucadan qəh-qəh çəkib Zəki əfəndiyə dedi: – Qulaq as, mən başdan oxuyum. Cavan tələbəmiz Əbdülhəsənzadə Xəlil ona verilən temaya bu məzmunda bir məqalə yazmışdı: “Tarix 1920, sentyabr 13. “Hər nə əkərsən, onu biçərsən”. Biz görürük ki, doğrudan da rəhmətlik atalarımız yaxşı deyiblər ki, hər nə əkərsən, onu biçərsən; məsələn, doğrudan da necə ki, biz görürük, bir kəndli qabaqca gedir yeri kotana verir, ondan sonra yeri dırmıqlayır ki, yer yumşalsın, ondan onra toxumu səpir yerə, neçə vaxtdan sonra həmin toxum başlayır göyərməyə. Bir qədər vaxt keçir, taxıl sünbül olur, sonra bu sünbül elə saralır ki, az qalır ki, tökülüb dağılsın. Sonra kəndli bunu biçir, ondan sonra dərzləri xırmanda döyür, buğdasını çıxardır doldurur meşoklara, samanını da yığır samanlığa ki, qışda versin heyvanlara. Qış vaxtı saman doğrudan da qızıl qiymətinə qalxır, amma yayda üzünə baxan olmur. Buğdanı yuyur, təmizləyir, qurudur və ulağa yükləyir, aparır dəyirmana. Dəyirmanda onu yaxşıca üyüdür, un eləyir, gətirir evə. Arvad unu ələklə ələyir, xamır qatır, o xamırı təndirdə pişirir, çörək olur. Külfət yığışır süfrənin başına və haman çörəyi yeyib Allaha şükür eləyirlər. Onun üçün də belə zəhmətkeşləri Allah dost tutur və onun üçün də atalarımız deyiblər: “Hər nə əkərsən, onu da biçərsən”. İndi sən burada buğda əkdin, buğdanı da biçdin, amma özgə bir şey əksə idin, haman şeyi də biçərdin: məsələn, belə tutaq ki, sən buğda səpməyə idin, qarpız toxumu səpə idin; onda… Professor Süleymanbəy bu sözləri oxuya-oxuya özü də gülürdü, müdərris Əhməd Zəki əfəndi də gülürdü, hətta əsər sahibi Əbdülhəsənzadə Xəlil də bir az gülümsünürdü. Amma elə ki, rəvayət gəlib çıxdı qarpıza, burada Xəlil professora tərəf əyilib qorxa-qorxa dedi: – Hələ qurtarmamışam. Bu sözü eşitcək Zəki əfəndi elə bərkdən gülməyə başladı ki, bir tərəfdən bir neçə cavan tələbə tamaşaya yığışdı. Professor kabinəsindən də bir-iki gözü eynəkli qoca professorlar çıxdılar və təəccüblə durdular gülənlərə baxmağa. Zəki əfəndi dəsmalı ilə göz yaşını silə-silə Süleymanbəyə deyirdi: – Gərək qoya idik, qarpızın da rəvayətini tamam eləyə idi. Adamların içindən cavan tələbə Əbdülhəsənzadə Xəlil elə yox oldu ki, professor Süleyman bəy və müdərris Zəki əfəndi gülməkdən ayılandan sonra onu daha orada görmədilər. * * * Saqqallı uşaq Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz. İndi keçək nağılımıza Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyirlər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz. Xoşuma gəlmədi, çağırdım uşaqları: -Ədə, genə divarları yazırsınız? Üçü gəldi durdu yazının qabağında. -Hansınız yazmısınız? Üçü də dandı. -Elədə pəs şeytan yazıb? -Dədə, vallah mən yazmamışam. -Dədə, mən də yazmamışam. Balaca Qurban da “mən yazmamışam” deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı. Mən deyinə-deyinə bir əski tapıb yazıntı təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: - Sən yazmısan. – Teymur da Heydərə deyirdi: - Sən özün yazmısan. Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir böyük xəbər gətirib. -Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb. Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim: Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir? Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim: -Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin. Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar: -Dədə, bunu kim yazıb? Dedim: -Balalarım bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təvafütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur. Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək. * * * Buz Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi. Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi. Bu müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirlərdi ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, "rus həkimləri" müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq hesab edib onları dəvət edərdilər; savayı kasıb-kusubdan. Bunlar iki abası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub, beş-altı şahı ilə həkimi də və dava-dərmanı da ötüşdürərdilər. Demək, müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azarlının azarı yüngüldür. Amma "rus həkimi" gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur. Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır. Mən də uzaqda durub, həkimin xalama baxmağına tamaşa edirdim. Xülasə, baxdı qurtardı və bilmirəm nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi: "Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə … həkim deyirdi…." Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona həkimin yanına və sürüb getdilər. Və Fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi: "Ay uşaq, buzu yaddan çıxartmayın." Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşafı yerə tullayıb, çökdü xalamın yanına və bu da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə əlbəttə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər. Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum gedəm düz baqqal çarsısına və buzu alam gətirəm. Və şəhərdə ordan da savayı bilmirdim harada buz satırlar. Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm; çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı: "Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir." Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun "hov, hov" səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlər ilə də çox bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli, mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də [məni] bir qədər qovalardılar, amma tuta bilməzdilər; çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə "hov, hov" edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitməyə. Bu da mənə nəhayət xoş gələrdi. Belə olanda Şirəli itin acığını dönüb istərdi məndən alsın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar. Çünki dəxi Şirəli qapıda görsənmədi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə elədim; yəni bir növ yazığım gəldi və keçdim getdim. Baqqal çarsısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə. Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddətli isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürmüşdüm, hərdən bir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma. Gəldim çatdım hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür; yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün də olmayıb ki, bu darvazanın qabağından ötüb keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri çıxanda mənim üçün burada məşğuliyyət olmasın, ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdən bir də onunla dalaşmayım. Pəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə, mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım. Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi. Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb getdi şaqqıltı ilə dəydi hacı Bayramın darvazasına. Burada köpək deyəsən acığa düşdü; çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan qaçdım, bir qədər uzaqlaşdım və çönüb göri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf hücum edir. Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim; bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyin nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki, Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim. Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb, durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: "A sənin ananı … flan və flan", "Ay sənin bacının … flan və flan" "Köpək oğlu və it oğlu" söyüşləri burada o qədər vec vermirdi; səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyuş göndərdim ki, Şirəli qeyzindən ağladı və haman söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası hacı Bayram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi: "Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən?" Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim genə qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm. Şirəli uzaqdan mənə haraylayırdı: "Hə, beləcə it kimi qorxub qaçarsan ha!" Allahü-əkbər…. Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaq ardına vurub özümü yetirərdim evə; çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma axı allah görür ki, Şirəli nahaq söz danışdı; çünki mən onun nəyindən qorxdum ki!.… İndi gedirəm evə. Mən çöndüm dayandım və Şirəliyə belə söz qaytardım: "Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?" "Köpək oğlusan da, it oğlusan da!" Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavıq gəldik, gəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq. Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, bir qoca kişinin qucağındayam. Bir nəfər də çarşaflı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum. Kürəyimdən naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım. Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı; yumruğunu qalxızmışdı yenə yendirsin, qoyub qaçdım evə tərəf. Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin. Utandığımdan azarlının yanına getmədim; ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi: "A balam, sənin görüm ciyərin yansın! Necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın." Xalam məni çox istərdi; onunçun da sonra mən bildim anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib: "Ay qız, Sara, sən həzrət Abbas, uşağa elə qarğış eləmə!" Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım, nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacı uşağı xalasının ölümünə nə ağlar və nə dərd elər. Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir. Nədi o? — Onun adı "buz"dur. Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə salamat adamın da vaxt olur ki, ciyəri yanır. Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi. Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil? Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir. Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur. Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda xalamın "ciyərinin yanmağı" yadıma düşür. Nə qədər ki, uşaq idim, yadıma düşməzdi; elə ki, yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür. * * * Hamballar Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən. Xülasə. Stol-kürsü qeydindən də məni qurtaran genə, mənə tanış idarənin birisi oldu; belə ki, bir kağız verdilər əlimə ki, gedim Bolşoy Morskoy küçədə 13 nömrəli hökumət anbarından bu şeyləri alım aparım (söz yox, pulsuz): iki şkaf (kitab şkafı və çörək şkafı), iki kürsü (böyük və kiçik), dörd dənə sandalya (üstə oturmağa), iki dənə kravat (biri dəmir, biri taxta), bir dənə çaydan (samavar əvəzi) və bir dənə rus qazanı (bozbaş bişirməyə). Amma bunu da lazım bilirəm burada qeyd edəm ki, bu kağızı mənim əlimə verən məmur kağızı verəndə dedi ki: "Anbarın müdirinə bu kağızı göstər və söyləginən ki, xırda-mırda şey verməsin … yaxşısını versin!" Hərçənd bu sözlər məni bir az fikrə saldı, mən "Baş üstə" deyib getdim və Bolşoy Morskoy küçədə haman anbarı tapdım. Anbarın müdiri sarısaqqal kişi idi. Kağızı nişan verdim. Müdir kağızı aldı və başını bulaya-bulaya oxudu və bir söz deməyib qələmi götürdü, haman kağızın üstünə bir şey yazdı və axırda mənə verib dedi: "Yoxdu." Mən çıxdım küçəyə və kağıza baxıb gördüm ki, qırmızı mürəkkəblə yazılıb: "Anbardan daha şeylər qurtarıb". Gətirdim kağızı verdim haman mənə kağız verən idarənin katibinə, o da kağızı oxudu və gülə-gülə dedi: "Bijlik eləyir."--Və haman kağıza bu da qırmızı mürəkkəblə bir şey yazdı, verdi mənə və dedi: "Bu kağızı apar ver və şeyləri götür apar!"--Mən dedim: "Axı müdir burda yazır ki, şey yoxdu." Katib genə gülümsündü və dedi: "Bijlik eləyir."--Mən dedim: "Yaxşı, bəs nə eləmək, çarə nə?" Katib bir az fikirləşdi və mənim üzümə baxıb dedi: "Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam." Küçəyə çıxdım və çox acmışdım, gəldim mənzilə, bir tikə pendir-çörək yedim və oğlumun anası ilə bahəm getdik Bolşoy Morskoy küçəyə. Bu dəfə də müdir kağıza baxıb, genə başını buladı, amma bir az dayanıb dedi: "Yaxşı, hər nə tapılsa verərəm; amma bu şeylərin çoxusu burda yoxdu." Müdir karandaşla siyahidə yazılan şeylərdən bir qazanın üstünə cızıq çəkdi və dedi: "Yoxdur", şkafın birinin üstə cızıq çəkdi və bir az üzümə baxdı, bir də kağıza baxdı. Belə oxşayırdı ki, anbar müdirinin bizə yazığı gəldi və durdu ayağa və dedi: "Gedək." Qabaq otaqdan keçdim dal otağa, oradan o birisinə və genə üçüncü otağa; müdir də, biz də sağa-sola göz gəzdirə-gəzdirə getdik və mənim siyahimdə yazılan şeylərin birini də burada görmədik. Burada lazım olan şeylərin birini də tapa bilməyib, müdir bizi apardı dördüncü otağa və mənə dedi: "Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib getməkdən yoruldun. Burdakı şeyləri xəzinədarın müavini dünən sayıb qoyub burda və mənə tapşırıb ki, bir kəsə verməyim. Mən cürət edib bu şeyləri sizə verə bilərəm: bax, bu şkafı, bu stolu, bax sandalyaları. Sonra, bax, istəyirsiniz bu stolu da aparınız; həmi sandalyadır, həmi də taxtdır, üstə fərş salıb oturmaq olar. Bax çaydan əvəzinə bu beş-altı tarelkanı da sizə verə bilərəm." Sövdəmizi qurtardıq və qət olundu ki, hambal çağıraq şeyləri aparsın. Uşağın anası ilə çıxdıq və küçədə duran hambalların birini çağırdıq ki, gəlsin danışaq. Biz üzümüzü bir hambala tutduq, amma haman dəqiqə bir hambal əvəzinə bir dəstə hambal bizi bürüdü. Bunlar hamısı İrəvan kürdləri idi. Biz istədik qabaqca şeyləri nişan verək və danışaq ki, aparsınlar, amma təqribən on beş-iyirmi hambal şeyləri görüb, daha qulaq asmadılar və başladılar haman şeyləri köməkləşib küçəyə daşımağa. Uzaqda duran hamballar da həmçinin buraya cəm oldular və başladılar bizim şeyləri hərə özünə yük eləməyə. Amma çünki hər hambala bir şey düşmürdü, onun üçün, məsələn, bir şkafın hər ayağından və qapısından bir hambal yapışmışdı. Biz bilmirdik bunlar nə qayırırlar. Niyə belə eləyirlər və bu şeyləri hara aparmaq istəyirlər? Məlum ki, bizim bunlarla zarafatımız yoxdu və əgər sövdələşməmiş bunlar şeyləri mənzilimizə aparsaydılar, biz bilmirdik ki, bunlar bizdən nə qədər pul tələb edəcəklər; onun üçün də lazım idi qabaqcadan danışsınlar, sonra şeyləri götürsünlər. Amma gördüm ki, mənə etina eləyən yoxdu və şeylərin bir neçəsi daha hambalların çiynində idi; yerdə qalan şeylərin də üstünə qalan hamballar düşüb elə kəşakəş və elə bir qır-vır salmışdılar ki, mənə daha qulaq verən yoxdu. Gəldim anbar müdirinə dedim ki, bu nə mərəkədir və nə səbəbə buranın hambalları xalqa əziyyət verirlər? Gördüm ki, müdir özü də çiyinlərini ata-ata məəttəl qalıb; bir qərar ilə ki, acizdir. Şeyləri dallarına yükləyən hamballar gəlib bizə ariz oldular ki, biz düşək qabağa və bunlara yol göstərək. Mən labüd qaldım bunlara deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. Mən bu sözü ağzımdan qaçıran kimi hambalların bir neçəsi xoruzlana-xoruzlana üstümüzə hücum elədilər və bağıra-bağıra bizə bu sözləri dedilər: "Ey xozeyinlər! Bizlə zarafat yoxdu. Bizi daha ələ sala bilməzsiniz. Biz sizə nökər deyilik, biz hambalıq. Sizin ixtiyarınız yoxdu bizi müftə işlədəsiniz. Düşün qabağa, bizi incitməyin. Yoxsa sizin üçün pis keçər!" Lap əngələ düşdük. Ətrafa göz gəzdirdik, bəlkə milisdən, məmurdan bir adam görək, heç kəs yoxdu. Yazıq arvad da istədi bunları dilə tutsun və başa salsın ki, axı burada beş tikə şeyimiz var, bu beş tikə şeyi iyirmi beş hambal aparsa, axı biz gərək indidən bunu biləkmi ki, iyirmi beş nəfər hambal şeyləri aparıb çıxardandan sonra bizdən istəyəcəkləri pulu biz tapa bilərik bunlara verək, ya yox?!.. Xeyir, bu allahın bəndələrinə bu dəlilli və isbatlı sözlərin heç biri kar eləmədi; hətta mən lap çığıra-çığıra bunlara beləcə yalvardım: "Yoldaşlar, vallah, bax, bu şeylərdən biz lap əl çəkdik. Şeyləri aparın öz evinizə." Qardaş bunun cavabında genə bu allahın insanlarından bir nərə bir küy-kələk çıxdı ki, Bolşoy Morskoy küçə ilə keçənlərin hamısı dayandı bizə tamaşa eləməyə. Qardaş bu nə müsübət idi, başımıza gəldi? Yavaşca arvada dedim: "Gedək." Düşdük hambalların, qabağına. Torqovi küçənin dönəcəyində rastımıza bir neçə avtomobil çıxdı: daldan da avtomobil səsi gəlirdi. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. Səki ilə gəlib-gedən camaat o qədər idi ki, hambalların bir-ikisini görürdük, qalanını görmürdük. Krasnovodski küçənin dönəcəyində yavaşca yapışdım arvadın əlindən və xəlvətcə soxulduq sol tərəfdə bir darvazaya. Həyətdə üç-dörd uşaq oynayırdı. Biri bizdən soruşdu: "Kimi axtarırsınız?" Mən həyət gözətçisini soruşdum. Bir rus arvadı da kənardan səsləndi: "Nə istəyirsiniz?"--Dedim: "Doktor Vasilyev burdamı olur?"--Arvad cavab verdi ki: "Bu həyətdə heç həkim olmur."--Dedim. "Bəs buranı bizə nişan veriblər."--Dedi: "Hansı nömrəni nişan veriblər?"--Dedim: "Otuz iki nömrəni!"--Dedi: "Bu ev qırx beş nömrədi, siz gərək, bax, o tərəfə gedəsiniz." Söz yox bunlar hamısı kələk idi ki, hamballar rədd olsunlar. Bir bəhanə ilə beş-on dəqiqə burada ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf. Küçə genə camaatla dolu idi. Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik çıxdıq bulvara. Burada yarım saat əyləşdik və dəryanın mənzərəsinin təsiri altında söz yox, dincəldik və daha ağır-arxayın gəldik çıxdıq mənzilimizə. Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və bir parasını pulla Quba meydanından aldıq; amma sonralar çox vaxt küçədə hambal görəndə mən bir növ ehtiyat eləyirdim. İndi daha bu ehtiyat götürülübdür; çünki vaqeən dünyada hər bir kəsdən qorxmaq lazım gəlsə, allahın aciz olan hambal tayfasından qorxmağa heç bir qorxaq adamın haqqı yoxdur və gərək də olmasın. * * * Taxıl həkimi İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi. Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya. Mən Həsənbəygildə iki həftə qonaq qaldım və orada eşitdim ki, bu il taxılın başında bir əngəl var; belə ki, taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə və əkinçilər nə qədər bu işə diqqət yetirirlərsə, bunun sirrini və səbəbini duya bilmirlər. Əkinçilər rəvayət edirlər ki, taxılın sünbülləri o yerdə ki, bu gün salamatca durub hazırlaşırlar bir-iki həftəyə saralıb biçilməli olsunlar, səhər gedib görürsən ki, biçarə taxılın baldırını guya qayçı ilə kəsiblər. Və təəccüb də burasıdır ki, zəmilərdə nə çəyirtkə görsənirdi, nə qeyri bir qurt-quş. Siçanın da söhbəti ola bilməzdi; çünki Pirsaqqız kəndinin əkinləri suvarılan əkinlərdir, onunçun da bu cür əkinlərə siçanlar asanlıqla yavıq düşə bilmirlər (boğulurlar). * * * Bu əhvalatı kəndlilər şəhərə xəbər vermişdilər və mən kəndə yetişən günün sabahısı günü dedilər ki, taxıl həkimi gəlir. Və çünki həkimi rahat eləmək üçün kənddə elə bir müvafiq mənzil yox idi, onunçün taxıl həkimi Həsənbəygilə düşməli oldu. Həkim sarısaçlı və sarısaqqal bir kişi idi ki, avtomobildə iki nəfər qeyri qulluqçu ilə gəlib düşdülər və ev sahibi ilə və mənlə tanış oldular və bir müxtəsər çay-çörəkdən sonra kəndliləri də götürüb getdilər əkinlərə baxmağa. Onlar getdilər və Həsənbəy məşğul oldu qonaqlara çörək hazırlamağa. Əvvələn bir erkək kəsdilər. Amma mən görmədim bu heyvanı haradan gətirdilər və kim gətirdi. Sonra məlum oldu ki, qonşuluqda olan erməni kəndinə adam gedib şərab da gətirsin. Mən də kənardan durub baxırdım və həkimin yolunda çəkilən bu zəhmətləri ürəkdən çox da təsdiq edirdim və çox da xoşlayırdım. O səbəbə ki, elm və bilik sahibinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir; xüsusən elə bir alim ola ki, onun elm və biliyindən kənd camaatı mənfəətbərdar ola bilə. * * * İki saat və bir qədər də artıq keçəndən sonra Həsənbəyin balkonunda açılan nahar stolu əziz qonaqları gözləyirdi. Avtomobilin səsini uzaqdan eşitdik və bildik ki, qonaqlar gəlirlər. Bir neçə dəqiqədən sonra atsız araba əjdaha kimi özünü soxdu həyətə. Taxıl həkimi avtomobilin içində ayaq üstə durmuşdu və əllərini bizə tərəf tutub “Urra! Urra!” deyə-deyə qışqırırdı. Miniklər sevincək özlərini saldılar yerə və gəldilər yanımıza. Kəndlilər də başladılar həyətə cəm olmağa. Həkim əlində kağız bükülmüş bir şey tutub “spirt, spirt” deyirdi. Yavıq gəlib gördük ki, kağızın içindəki Allahın bir heyvanıdır, bir az əqrəbə oxşayır, bir az qırxayağa oxşayır, bir az da danadişiyə oxşayır, bir az da astaqoza oxşayır; ancaq bunların heç biri deyil. Həsənbəyin evində spirt tapılmadı. Kənddə qeyri yerdə ola bilməzdi. Və həkim spirt əvəzinə bir stəkana bir az araq tökdü ki, erməni kəndindən bu gün içmək üçün gətirmişdilər və kağızın içindəki böcəyi saldı arağın içinə. Yazıq heyvan bir qədər arağın içində çapalayandan sonra arxası üstə düşdü, qılçalarını yuxarı qalxızdı və dəxi cansız və hərəkətsiz başladı arağın içində üzməyə. * * * Həkimin bəyanatına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurt imiş. Ay zalım oğlu!!! Hamı acmışdı; xüsusən çöldən gələnlər. Çörəyi gətirdilər və Həsənbəy qabaqca şərab istəkanını qalxızıb həkimin sağlığına içdi. Həsənbəydən sonra qulluqçuların biri də nitq başladı və elm və bilik ərbabının sağlığına içdi və biz də hamımız içdik. Sonra həkim durdu ayağa və qurtu içinə saldığı istəkanı yuxarı qalxızıb, elmi-heyvanatdan bir neçə söz söylədi. Sonra heyvanları əvvəl şöbələrə qismət elədi, şöbələri siniflərə qismət elədi. Əvvəl məməli heyvanlardan danışdı, sonra quşlardan danışdı, dördüncü sinifdə iki həyatlılardan danışdı, sonra məfsəlli heyvanlardan da bir az məlumat verib keçdi qurtların və böcəklərin şöbəsinə və arağın içindəki qurtu nişan verib, başladı onun vücudunun yapılışından şərh verməyə. – Ağalar, bir baxın. Bu heyvanın vücudu örümçək kimi iki qisimdən mütəşəkkildir. Əksəriyyən taxılların içində yaşayır. Başla köküs üzərində altı cüt buynuzları, altı cüt ağız əqsamı və beş cüt bacaq vardır. Qarnı uzun və üzərindəki bacaqlar qayət ufaq və zəifdir. Qurdun qabığından, hiss cihazlarından, yemək cihazlarından, tənəffüs cihazlarından da danışandan sonra qurdun ağzına bir çöp uzatdı və bu mərdümazar heyvanı çəyirtkədən sonra taxılın ən qəddar düşmənləri cərgəsində qoydu. Və bəyanatını tamam edəndən sonra şüşənin ağzını bərk bağladı və durdu səliqə ilə və ehtiyatla şüşəni qoydu yavıqdakı taxçaya və məlum etdi ki, onun qəsdi bu nadirül-vücud heyanı mərkəzə aparmaq və orada onu əkin fənni laboratoriyasına nişan vermək və onunla lazımi mübarizənin təşkili yolunda çalışmaqdır. Bunu da lazım bilirəm qeyd edəm ki, həkim nitqini söyləyən zaman əlindəki heyvanı gah Həsənbəyin qabağına tuturdu, gah da mənim qabağıma tuturdu və gah qulluqçuların qabağına tuturdu. Və şüşənin içindəki heyvanın cəmdəyi arağın içində arxası üstə və qılçaları yuxarı üzməkdə idi. * * * Bizim bu ziyafət məclisimizin ətrafında kəndlilər doluşub tamaşa edirdilər. Onların bəzisi dinməz-söyləməz qulaq asırdı; amma bir neçəsi gülürdülər. Ancaq mən bircə şeyi başa düşmədim ki, aya, onların bu zahiri gülməkləri ürəklərinin şadlığının əlaməti idi, ya qeyri bir şeyin, qeyri bir hissin əlaməti idi. O ki, mənim özümə gəldikdə, doğrusu, mənim əhvalım çox xoş idi. Nə eybi var? Həsənbəyin evində kababı doğrudan da yaxşı pişirmişlər; bir surətdə ki, Qarakənd şərabı da burada mühəyya idi. Qaldı ki, bu evi xaraba böcəkdi-nədi, – ki bu saat arağın içində mayallaq aşır və dilsiz-ağızsız əkinçilərin çörəyini zay edir, – əlbəttə, bunları bir vasitə ilə qırıb yox eləmək savab işlərin ən savabıdır. Ancaq indiki ziyafət məclisindən bu müqəddəs nəticə hasil ola biləcəkmi, ya olmayacaq, bunu da bircə misal və manəndi olmayan həqqi-təbarək və taala bilə bilər və xülaseyi-kəlam, nəticədə nə olacaq olsun, indi bu saat stolun üstündəki erkək ətin kababı və Qarakənd şərabı – hələ ki, əldə nəqd qazanc bunlardır. Bu mənim öz əhvalım. Qalan ziyafət yoldaşlarım bu saat nə hiss edirdilər, onunla işim yoxdur. * * * Avtomobil nərə təpə-təpə gəldi durdu balkonun qabağında. Taxıl həkimi durdu ayağa və başladı yola hazırlanmağa. – Xudahafiz. Salamat qalınız. – Sağ olunuz. – Allah ömür versin. – Salamat qalınız. – Xudahafiz. – Xudanasir… Avtomobil nərə təpə-təpə həyətdən qaçdı küçəyə və yox oldu. Amma burada, Həsənbəyin balkonunda bir qışqırıq düşdü: – A gədə! A gədə! Həkimin qurtu qaldı!.. Taxıl qurtu qaldı!.. A gədə! Ay haray, qaçın həkimin dalıyca!.. Qaçın aftamabilin dalıyca!.. Demək, avtomobil həyətdən çıxan kimi baxıb gördük ki, taxıl qurtunun şüşəsi, qurt da içində üzə-üzə, yaddan çıxıb, qalıb haman balkonun taxçasında. İki nəfər cavan sıçradı atın üstünə və çapdılar avtomobilin dalıyca. Amma avtomobil icad edənin anası ölsün ki, atlı onu qovalayıb tuta bilə. Xah Həsənbəy, xah mən özüm və xah kənd camaatı və qeyri qulluqçular gərək bu etiqadda olaydıq və həqiqətdə də bu etiqadda var idik ki, taxıl qurtunu araq şüşəsində saxlayan və onun qədrini bilən taxıl həkimi və heyvanat mütəxəssisi yolun hansı bir yerində şüşənin burada yaddan çıxıb qalmağı yadına düşsə, haman yerdən avtomobili gərək geri qaytara, ya heç olmasa adam göndərə. * * * Mən ondan sonra üç gün də qaldım Pirsaqqız kəndində, Həsənbəygildə. Və həkimin haman əziz və nadirül-vücud heyvanı Həsənbəyin balkonunun taxçasında, araq şüşəsinin içində kəllə mayallaq üzməkdə idi. * * * Keçən il Həsənbəy özü Bakıya bizə qonaq gəlmişdi və rəvayət edirdi ki, bir-iki ayın içində haman taxıl qurtu arağın içində başladı xarab olmağa və dağılmağa. Və axırda Həsənbəy məcbur olub haman şüşəni içindəki arağı ilə və qurtu ilə götürüb tullasın çölə və belə də eləyir. * * * Bəlkə də qaytardılar Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam; çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur. Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb. Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu. - * * * *** Dörd-beş il bundan qabaq Bakıda, yay fəsli, bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu adam kimi tez-tez o tərəfə-bu tərəfə zənn edirlər; guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər. Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi. Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-sində Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim — yoxdur. Çıxdım bulvara ki, bəlkə orada görəm. Cəmiyyət az idi; çünki qulluq vaxtı idi. Dərya kənarı ilə bir baş dolandım və çöndüm indiki tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim qayıdam, bulvardan çıxam; çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb gəldi yanıma. Mən hər bir danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə o onları tanıdı (Balaqədəş Bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra başladı gülməyə və mənə dedi: "Aha…. Molla əmi, yaxşı oldu. Səni gərək aparam onların yanına." — Dedim: "Getmərəm." Balaqədəş dik baxdı üzümə və genə dedi: "Sən öləsən, onlarda qiyamət var. Gərək səni onlarla tanış eləyəm." Əvvəl mən dayandım və getmək istəmədim; amma artist rəfiqim başladı əlimdən çəkməyə. Bir az yavıqlaşdıq. Oturanların biri ayağa durdu və Balaqədəşi səslədi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa və bizə öz yerlərini təklif etdilər. Əyləşdik. Balaqədəş mənim barəmdə onlara belə müərriflik etdi: "Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və oxuya-oxuya gülmüsünüz." Hamısı diqqətlə üzümə baxırdılar və "bəli, bəli" deyirdilər. Bundan sonra Balaqədəş üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa: "Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya!" — Və burada Balaqədəş başladı bu "bədbəxtlərin" adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi yomiyyə ruzusuna həsrət qoyub. "Onun yanında oturan sabunçulu Umudbəyovdur ki, eşitmiş olarsan; çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusiyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmənləri vardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martınov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburğa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan." Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib, yavaşca onların birinə belə dedi: "Hacı Həsən ağa. Heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz saxlaya bilməyəcəklər, hamısını qaytaracaqlar." Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyəcəklər" və "kim saxlaya bilməyəcək"? Artist rəfiqim mənə belə cavab verdi: "Molla əmi, bax, bugun ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax, söz burada qalsın (səsini bir qədər alçaqlatdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin yaxasından və deyirlər: ya borcunu ver, ya çəkil kənara! Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər. Mən bir söz demədim; səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm. Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi: "Tələfxanbəyzadə! Deyəsən səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu görək nə var, nə yox." Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu: "Molla əmi, — bugunkü xəbəri sən eşitmisən?" — Dedim: "Hansı xəbəri?" — Dedi: "Bəs ingilis hökumətinin Moskvaya verdiyi notasından xəbərin yoxdu?" — Dedim: "Xeyr, xəbərim yoxdu." Tələfxanbəy oğlu genə ətrafına diqqət edəndən sonra cibindən bir əzik qəzet çıxartdı. Baxdım ki, bu həmin Bakıda çıxan "Raboçi" qəzetidir. Balaqədəş Tələfxanbəy oğluna tərəf yavıqlaşıb yavaşca dedi: "Qorxma, adam-zad yoxdu. Oxu görək nə xəbər var?" Tələfxanbəy oğlu başladı qəzetin bir yerindən oxumağa. Orada belə yazılmışdı: İngilis parlamanında Lord Kerzondan əmələlər nümayəndəsi Matruş sual edir ki, aya, hal-hazırda İngilis və Şura münasibəti nə surətdədir? Və Lord Kerzon Matruşa belə cavab verib: "Bir surətdə ki, Şuralar hökuməti çar hökumətinin borcu barəsində müəyyən bir vəziyyətdə bulunmağa yavıqlaşmır, ingilis və Şura münasibətinin də aydınlaşmaq ümidvarlığı hələ çox uzaq görünür". Əyləşənlərin bir-ikisi sevincək dedi: "Gördün? A kişi, vallah, çox çəkməyəcək!" Balaqədəş, — neçə ki, həmişə teatr səhnəsində camaatın qabağında mükalimədə olubdur, burada da oturanlara üzünü tutub, — şairanə bir halətdə deyirdi: "Bax, mən vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çəkməz." Hamı yavaşcadan bir səslə dedi: "Insallah, insallah!…." Bir yarım saata qədər burada əyləşdik və axırı bu növ söhbətlərdən sonra bir-birimizə "inşallah" deyə-deyə ayrıldıq. Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Çün bunlar bilirdilər ki, mənim əyalımın 4.000 desyatin sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sirri və heç bir təzə xəbəri məndən gizləmirdilər. Və hərdən bir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirərdilər və söhbətə tutardılar. Mən bunu deyə bilmərəm ki, bu dörd nəfər müsahibin məclisi məndən ötrü o qədər də şirin idi, amma onlarda olan qəribə-qəribə xəbərlərdən də keçə bilmirdim; məsələn: Polşa hökumətinin qoşunu Şuralar torpağını keçib, bir neçə şəhərini alıbdır. İngilis gəmiləri gəlib dayanıb Arxangelski şəhərinə. Antanta hökumətləri müttəfiqən Şuraları əhatə ediblər. Moskvanın özündə çox böyük və pünhan daxili qarışıqlıqlar var…. Bir gün genə dostlarım bulvarda məni görüb öz yanlarına dəvət elədilər: "Hə, Molla əmi, bəlkə səndə bir təzə xəbərdən zaddan ola?…." Mən dedim ki, qəzetlərdə yazılandan savayı bir şey bilmirəm. Umudbəyov istədi ki, bir söz desin, amma o tərəfə-bu tərəfə baxıb dayandı. Üç-dörd şkol uşağı oynaşa-oynaşa keçirdilər. Umudbəyov genə ətrafa baxandan sonra məndən soruşdu: "Bəs, Molla əmi, sən bu qəzetləri ki, oxuyursan, bəs o yazılardan heç bir işarə çıxartmırsan?" — Dedim: "Bilmirəm, nəyi deyirsən?" Umudbəyov genə cibindən bir əzik qəzet çıxartdı. Haman "Raboçi" qəzeti idi və başladı bir yerindən oxumağa: ""Azərneft müdiri Serebrovski gedir Amerikaya, oradan təzə ixtira olunmuş buruğ maşınları alıb gətirsin"." Mən dedim ki, bundan mən bir işarə anlamıram. Umudbəyov bir az gülə-gülə məni belə başa saldı: "Molla əmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir; gedir Bakı neft mədənlərini satsın Amerika milyonçusu Rokfellerə." Qalan üç nəfər müsahib də bunu təsdiq elədilər və məndən də soruşdular: "Ağlın nə kəsir?" — Dedim: "Ağlım bir şey kəsmir." - * * * *** Bəxtlərindən şikayətçi dörd nəfər müsahiblərimlə axırıncı görüşməyimiz yadımdan çıxmır. Bir gün gəzə-gəzə mən də bulvara və artist rəfiqim Balaqədəş də bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb, bir baş gəzdik və istədik əyləşək burada. Uzaqdan gördük ki, politkaşünas həriflər haman dalda yerdə genə əyləşib söhbətdədirlər. Balaqədəş qah-qahla gülə-gülə məni genə onlara tərəf çəkməyə başladı və mən həvəslə tabe oldum və getdik. Həmişəki kimi xoş-beş…. Əyləşdik. Bu gunkü təzə xəbər də bu idi ki, əvvəla, Lord Kerzon Çiçerinə genə təzə bir "ultimatum" verib və ikinci xəbər də bu idi ki, ingilis hərbi gəmiləri Batumun qabağında üzməkdədir və güman aparmaq olar ki, Batumu bugun-sabah topa tutalar və əhali də qaçır osmanlı torpağına. Bir qədər də bu növ danışıqlardan sonra mən durdum ayağa, Balaqədəş də mənə baxdı və hər ikimiz qalanlarla xudahafiz elədik və burada Hacı Həsən ağa mənim əlimi sıxanda belə dedi: "Eh, allah kərimdir, bəlkə də qaytardılar." Bu bir neçə söz ki, mən onu biçarə Hacı Həsəndən eşitdim, mənim üçün bir yadigar qaldı və bizlə onların mabeynində bir tarix oldu. Və dörd nəfər müsahiblərimizdən ayrılıb, bulvarın orta xiyabanına çönəndən sonra, artist rəfiqim Balaqədəş — necə ki, həmişə səhnədə oxuyub oynamağa adət edibdir, — öz-özünə çıtmığı tutdu və bir neçə yad adamın gözünün qabağında oxuya-oxuya və çıtmıq çala-çala düşdü oynamağa və oynaya-oynaya belə oxuyurdu: Bəlkə də qaytardılar, Bəlkə də qaytardılar. Hər ikimiz gülə-gülə bulvardan çıxdıq və Parapet bağında ayrıldıq. Balaqədəş daldan məni çağırdı, mən buna çönüb baxanda zalım oğlu burada da bir dəfə dedi: "Bəlkə də qaytardılar". Mən də gülə-gülə getdim mənzilimə. -Axır söz** Daha mənim ümidim kəsilir və mənim kimilər də çoxları daha məyus olub, hərə yavaş-yavaş özünə iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mən də və mənim dörd nəfər həmsöhbətlərim də hər gün və hər saat müntəzir idik və qulağımız səsdə idi ki, bax, bugun-sabah iş bir təhər olacaq ki, mənim əyalımın da 4.000 desyatin sulu torpağını özümə qaytaracaqlar və mənim bu dörd nəfər bulvar müsahiblərimin də milyonlara dəyən əmlakını və neft mədənlərini özlərinə qaytaracaqlar. Gözlədik, gözlədik … axırı bir şey olmadı. Hər gün görüşüb danışırdıq, qəzetləri qurtdalayardıq ki, bəlkə bir işarə tapaq. Avropadan və Türkiyədən gələndərdən xəbər tutardıq ki, bəlkə bir tərəfdən gələlər və işləri qaydaya qoyalar. Yoxsa, vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Çahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr; ya Musa Nağıyevin iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə, barı 5–10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin. Və müxtəsər həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq və inşallah, şayəd iş elə gətirdi ki, bəlkə mülk və maaşımızı qaytardılar özümüzə. "Bəlkə də qaytardılar". — Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər. İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də dörd min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid kimi şairlər nəzmə çəkiblər; musiqi bəstəkarları da haman şerləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr çalırlar və xanəndələr də oxuyurlar: Bəlkə də qaytardılər, Bəlkə də qaytardılar. Cavanlar da çıtmıq çırtırlar. * * * Şeir bülbülləri Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor, Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor. Ədəbiyyat zavodlarımızda verilən dərslərdən – Molla dadaş, bir gəl bizə! Məni dəvət edən mənim köhnə dostlarımın biri idi ki, adını burada söyləməyi lazım görmürəm. İkinci və üçüncü dəfə küçədə rast gəlib, dostumdan həmin dəvəti eşidəndən sonra bir gün axşam çağı getdim onlara. Evdə bir ev sahibi özü idi, bir arvadı… xanım idi (adını yazmıram); bir də böyük oğlu idi ki, texnikum məktəbində dərs oxuyur. Mən girəndə cəmən durdular ayağa. – Xoş gəlmisən, axşamınız xeyr, buyur əyləş. – Ya Allah! Mən oturdum və… xanım çıxdı getdi. Əyləşdiyimiz otaqda yuxarı başda bir kiçik kitab şkafı qoyulmuşdu. Şkafın yuxarısında bir lövhə gözəl cəli xətlə yazılmışdı: “Ənadili-şeir”; yəni şeir əndələri, yaxud şeir əndəlibləri. Bu şkaf, – əgər durub haqq söyləsək, – ev sahibinə çox yaraşan bir şey idi; ondan ötrü ki, vaqeən mənim həmin dostum bizim maarif qədri bilənlərin cərgəsində sayılır. Şkafın qapısının şüşəsinin dalında səliqə ilə düzülmüş kitablar aşkar bunu deyirdilər ki, “bax, şeir bülbülləri bizdən ibarətdir”. Mən durdum ayağa və gəldim dayandım şkafın qabağında. Ev sahibi də durdu, cibindən bir açar çıxartdı, gəldi şkafın qapısını açdı, üzünü mənə tutdu və dedi: – Görürsən?.. Dedim: – Bəli. Dostumun oğlu da yavıq gəldi. Mən istədim əlimi uzadam və kitablardan birisini çıxardam, baxam, ev sahibi mane oldu və üzr istədi: – Molla dadaş, mən ölüm dayan! Mən bir az təəccüb elədim və bu mənə belə dedi: – Mən bu kitabların hamısını hazıram tökəm qabağına, amma qəsdim o deyil. Mənim xəyalım sənə bir müjdə verməkdi və onunçun da səni zornan bu gün bura gətirmişəm. Dedim: – Nə müjdə? Dedi: – İki qəribə kitab ələ gətirmişəm, amma muştuluğumu verməsən, göstərməyəcəyəm. Oğlu qəh-qəh ilə güldü və mənə tərəf dedi: – Hı, Molla dayı, beləcə işə düşərsən ha!.. Mən ev sahibinə dedim: – Muştuluq vermək borcum. Sənin də borcun sübuta yetirməkdi ki, ələ gətirdiyin kitablar həqiqətdə muştuluğa müstəhəqdirlər. Dostum papirosunu yandırdı və çöndü stola tərəf ki, spiçka çöpünü külqabına qoysun. O vaxt mən genə istədim əlimi uzadam şkafa, dostum özünü yetirdi: – Mən ölüm, dayan, səbrini dər. Başın üçün, muştuluğumu verməsən, qoymayacağam əlini kitablara vurasan. Mən daha dinmədim, amma qardaşoğlunun mənə deyəsən yazığı gəldi və atasına dedi: – Dədə, sən Allah Molla dayını incitmə, təzə kitablarını çıxart göstər. Dostum genə bir qədər baxdı üzümə və papiros tüstüsü gözlərini acıda-acıda əlini uzatdı ən yuxarı təbəqədən bir köhnə cildli kitab çıxartdı və tutdu qabağıma. Mən də aldım görüm nə kitabdır. Yarısı əl xətti idi və köhnə əsrlərdə daşdan çap olunmuşa oxşayırdı. Bir-iki səhifəsinə göz gəzdirdim və birinci səhifənin sərlövhəsinə diqqət yetirdim. Qarışıq-dolaşıq yazıların içində kitabın adını tapa bilmədim. Dostum burada mənim iczimi duydu, əlini uzatdı kitaba və gülə-gülə dedi: – Ver mənə! – Və məndən kitabı alıb dedi: – Bu kitab qüdəmayi-şüərayi-Azərbaycan Yeldainin divanıdır. Bunu mən neçə ildi ki, axtarırdım. Mən soruşdum ki, indi bunu haradan tapıb; o da mənə belə cavab verdi: – Bu kitab şahzadə Bəhmən Mirzənin kitablarındandı və rəvayət eləyirlər ki, şahzadə İrandan Qarabağa qaçanda bu kitabı qoltuq cibində saxlayırmış. İki il bundan irəli bir dəllala mən xəlvətcə bir qədər pul vermişdim ki, əgər o kitabı tapıb gətirsə, ona bir mahud çuxa da verim. Qoçaq kitabı gətirdi və çuxanı da məndən aldı. Burada mən kitabı genə aldım əlimə və açdım orta səhifələrini vərəqlədim. Hər yeri nəzm idi. Gözlüyümü taxıb, bir yerindən bu ibarəni çətinliklə oxuya bildim. Mənarixəs əbuzi ki, bərq-nərq olacaqdır, Sita ki, həşm nitaxi… Burada dayandım və dalını oxuya bilmədim və söz yox ki, oxuduğumu da başa düşmədim. Kitabın sahibi əlimdən aldı və dedi: – İndi gəlin əyləşək. Əyləşdim. – Hı, haradan oxuyurdun? Mən əyildim və nişan verdim. Cavan da kitaba tərəf başını əydi. Dostum dedi: – Molla dadaş, görükür, bu cür mətbuatın mütaliəsini etiyad etməmisən (yəni; adət etməmisən). Qoy mən oxuyum, sən qulaq as. Hə, haradan oxuyurdun?.. – Və başladı oxumağa: Niyarbəxş əyuri ki, tərq-bərq olacaqdır, Saki çeşmi nitafi-tü mehri-talei-pünhan. Və bu beyti oxuyandan sonra dostum baxdı üzümə, bir qədər dinmədi və dedi: – Mən öz vicdanıma and içə bilərəm ki, bir belə kəlami-əbədzindəni indiyədək Azərbaycanın bərgüzidə şairlərinin heç biri səhneyimətbuata çıxartmayıbdır. Mərhəba, mərhəba! Siz öləsiniz, qiyamət eləyib. İndi dalına qulaq as. Burada mən bir söz danışmadım və danışmamağımın səbəbi bu idi ki, əgər desə idim ki, bu “qiyamət” şairin əbədzində kəlamını mən başa düşmədim, o vədə dostum da və oğlu da məni bisavad hesab edəcəkdilər; necə ki, min dəfələrlə belə-belə türk məclislərində min dəfələrlə elə belə-belə “qiyamət” şairlərin əbədzində kəlamı zikr olunub və türk qulaq asanları (yəni müstəmeinləri) o kəlamdan bir zərrə qədər işarə də anlamayıblar və anlamayanların bir para quru təşəxxüslüləri və kəmcurətliləri mənim kimi yalandan “bəli-bəli” deyib özlərini anlayana oxşadıblar. Onun üçün də mən dinmədim; istəmədim savadsız olmağımı duyalar. Mən bu xəyalatda idim, bir kasıb qoca arvad üzundə yaşmaq, çay gətirdi. Dalınca… xanım da gəldi. Arvad stəkanları qoyub padnosu aparanda… xanım onun dalınca dedi: – Zeynəb, samavarı gözlə soyumasın. Bu arvad qulluqçuya oxşayırdı. Arvad getdi və… xanım əyləşdi. Dostum başını kitabın üstündən qalxızmayıb, sağ əlinin şəhadət barmağını mənə tərəf uzatdı və başladı kitabdan oxumağa: Sima tühəf, nə yəşanir, olubdu xəlhə dilbər. Ümuri-ğərb zəraf nə kar-kur səfihan. Yəni: əkərəm mən bustanımda “ğəbr” gülünü və “ğəbrin” qönçələri açılıb müəttər olar və mən o güldən dərib apararam o nazənin yarıma ithaf edərəm. Demək, burada “ğəbr” kəlməsi “ğayın”ın fəthi ilə soğan qabığını məna edir, “ğayın”ın kəsrilə dəvənin quyruğunun ucuna deyir, “ğayın”ın zəmmi ilə həman gül ağacıdır ki, şair onun qönçələrini öz yarına ehda etmək istəyir. İndi dalına qulaq as: Qəzəl Nigari-vəsl şövq-mütrübü rəğbət xizar olmaz, Gülü hər ləhzeyi-aşiq tərabi-xar-mar olmaz. Əgər əndişə xatirnak dəsturu-mərac etsə, O dilbər kim, kəvakib eşqi-qəbzi-xakisar olmaz. Süxən bər duş əclafi-rəaya məzhəri eymən, Dəmadəm nazənin ol mərhəmi-mülqət nisar olmaz. İndi dalına qulaq as: Qəzəl Hər ki, mehri-çaki-dilxun səngi-barın görməsin, Qəfləti-mərcan-hal içrə diyarın görməsin. Çün pərişan zülfü cövhər dilbəri-baləli-ləb, Qəm küdari-rəhnüma bir busə yarın görməsin. Mən qərib əslan nigəhbani-biladi-möhtəriz, Ta xədəngi-navük olsa, xəddi-xarin görməsin. Burada… xanım əsnədi və durdu ayağa. Oğlu da yavaşca gülümsündü. Çox istərdim səbəbini biləm, amma soruşsa idim, yersiz düşərdi; yəni bica olardı. Oğlanın qəzəlpərəst atası başını genə haman kitaba əyib və genə şahadət barmağını mənə tərəf uzadıb başladı bəlağətlə oxumağa: Cəmin cəmal cümuli cəlali-cul eləyibdir Ki, həzmi tahir dəfi xətaq təhn müqilan. – Pəh-pəh!.. Nə qədər məziyyət! Zalım oğlu qiyamət eləyib! Sən bir məharətə bax ki, bir dənə “cim” hərfi ilə nə böyük bir mənanı ifadə edir, yəni anladır. – Pəh-pəh, pəh!.. Qiyamət eləyib. Doğrudan da, dostumun fəsahətinin qəlizliyindən ağzının köpüyü stəkan-nəlbəkiyə sıçrayırdı. Xanım əsnəyə-əsnəyə istədi gedə və gedəndə bircə bunu dedi: – Heyif ki, bir şey başa düşmürəm. – Oğlu da anasına tərəf danışdı: – Yəni, dədə, doğrudan da o kitaba ki, o qədər pul verirsən, axı nə olar ki, bizi başa salasan görək o kitabda yazılan sözlərin mənası nədir və nə demək istəyir. Mən də burada istədim ana və oğula qüvvət verəm və istədim ki, ağzımı açam, amma ev sahibi qoymadı və məndən soruşdu: – Molla dadaş, necə gördün Yeldaini? Görürsən necə qiyamət eləyir? Mən genə utandım və bircə bunu deyə bildim: – Bəli… Dostum haman kitabı bükdü qoydu stolun üstə və durdu getdi şkafdan genə bir köhnə kitab çıxartdı gətirdi və haman kitabı iki əli ilə yuxarı qalxızıb, şairanə bir şivə ilə mənə dedi: – Bax, Molla dadaş, bu kitabı da bir iranlı bazarda dolandırırdı və hər kəsə ki, göstərib, bir kəs buna pul vermək istəməyib; çünki öküz nə bilir gülün qədrini və kürd nə bilir püstənin qədrini?! Bu kitaba mən o qədər pul verdim ki, kitabın əsil qiymətinin ondan biri deyil. Mən buna otuz iki manat verdim və verəndən sonra elə bildim ki, küçədən tapdım. Bu nadürül-vücud kitab, cahiliyyə əsrinin girən bəha şairi Səqərül-Qadirinin “Məcməün-nəbiqə”sidir. Bir rəvayətə görə Səqərül-Qədiri hicrətdən 212 il qabaq Azərbaycanın “Danaqırt” qəsəbəsində təvəllüd edib. Doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasələt edərək, Bətabinüşşəcəri kimi əazimi-üləmadən təhsili-ülumi-vəznü qafiyə etmişdir ki, əvaxir ərəb dilində şeir yazmaqla Ərəbistanın bərgüzidə şairlərinin silkinə məslək olmuşdur; onunçun ərəblər səhvən və qəflətən onu öz şairi hesab edirlər. Səqərül-Qadiri, – necə ki, məlumdur, – “Müəlləqati-səbə”nin birinin sahibidir; necə ki, minlərcə ifayi-fərizeyi-həcc edənlər müruri-dühur onun zirayətinə müşərrəf olmaqdadırlar. İştə bu bir-iki beyt onun cümleyi-əşarındandır. Bəğdü məqata təbərül-zicanə xəyalək, Matül-kəlabü latəşnəba ğüzaza. Pəh-pəh, doğrudan da zalım oğlunun necə abdar kəlamı var! Və gör necə ərəblərin içində, bəlkə islam aləmində biz azəri türklərinin başını ucaldıb (yəni: gör necə “sərbülənd” eləyib). Və bunu da burada qeyd edə bilərəm ki, ərəblər bundan başqa genə bizim qeyri bir neçə şairlərimizi təsahüb edirlər. Məsələn, “ağlına nə gəlir, kimdi Hatəmi-Tai? Mən neçə-neçə sənədlər və məxəzlərlə dərəğeyi-sübuta yetirə bilərəm ki, Hatəmi-Tai Arar bu taylı Hatəm xan ağanın nəslindən inşiqat edib, Ərəbistana hicrət edənlərdəndir ki, onun bimisl və manənd nabiqəsi ilə indi ərəblər iftixar edirlər. Və hətta, Molla dadaş, mən “Müəlləqə” sahibi İmrəəl-Qeys barəsində də çox şəkdəyəm. Daha cavan tələbə burada yoxdu. Yəqin ki, darıxdı və baş götürüb qaçdı (çünki məclisin ləzzətini anlamadı). Dostum genə gözünü dikmişdi kitaba və oxşuyurdu ki, oradan genə bir şey oxumağa hazırlaşır. Mən bu boynuma alıram ki, bir az yoruldum, ancaq ev sahibindən utandım və yorulmağımı büruzə vermək istəmədim və hətta üzə qaldım və bir-iki dəfə “bəli-bəli” də dedim. Amma burada bir iş vaqe oldu ki, yorulmağım da getdi işinə, utanmağım da yaddan çıxdı. Elə ki, dostum ağzını açırdı kitabdan oxusun, burada elektrik çıraqları birdən söndü və biz qaldıq qaranlıqda. Dostum haman saat oğlunu çağırdı: – Oğlum, oğlum, qadan alım, çıraqları yandır. … xanım əlində bir yanan şam, gətirdi bizim otağa, qoydu stolun üstə. Oğlu da çəkic, kəlbətin və məftil qırıqları götürüb qaçdı dalana. Şeir məcnunu da şamı çəkdi kitabın yanına ki, oxusun, amma narın yazıları gözü seçmədi və başladı papiros çəkməyə. O biri otağın qapısı açıq idi və görürdüm və eşidirdim ki, haman otaqda... xanım əyləşib, yanında bir balaca qız uşağı oturub və Zeynəb arvad da yerə çöküb nə isə nağıl eləyir və …xanım da və qızı da qulaq asırlar. Zeynəb arvad bir belə nağıl söyləyirdi: – Ay xanım, biri var idi, biri yox idi, bir padşah var idi və bir də o padşahın bir vəziri var idi. Bu vəzir də çox qoçaq vəzirmiş. Bir gün vəzir öz evində yatmışmış. Gecə vaxtı qapı döyülür, vəzir ayılır və köynəkcək istiyir çıxa qapıya. Burada vəzirin arvadı deyir: – Ay vəzir, elə köynəkcək qapıya çıxma, paltarını geyin, yaraq-əsbabını götür. Yoxsa ola bilər ki, qapıdakı düşmən ola. Vəzir də arvad dediyini eləyir və yaraq-əsləhəsini geyir, gedir qapını açır və görür ki, qapını döyən bir igiddir, belində xəncəl, əlində tapança. Vəziri yaraq-əsləhəli görəndə deyir: – Qurban olasan arvadına! Yoxsa mənim qabağıma köynəkcək və əli yalın çıxsa idin, otuz doqquz igidin boynunu vurmuşam, sən də qırxıncı olacaqdın. Xülasə, qapını döyən vəzirə deyir: – Gəl gedək. – Hara gedək? – Sənə borc deyil, gəl gedək. Xülasə, gedirlər, gedirlər, gedirlər və bir qapıda dayanırlar. İgid vəzirə deyir: – Sən dur burada, məni gözlə, əgər səsləndim, bil ki, basmışam, onda gəl mənim harayıma. Əgər səsim gəlmədi, onda bil ki, mən basılmışam; onda çıx get. Amma mənim qohum-əqrəbamdan hər kəs məni soruşsa, məbada deyəsən igid basıldı; deginən bilmirəm harada mən onu itirdim. Bax, yadında saxla, yadında saxla. Deməyəsən ki, igid basıldı. Bu yerə kimi... xanım da şirin-şirin qulaq asırdı və mən də qulaq asırdım. Burada yanımdakı dostum yadıma düşdü, dedim bəlkə genə kitablarına cumub, onun üçün səsi çıxmır. Çöndüm və gördüm ki, bu da cəmi huş-guşunu Zeynəb arvadın nağılına verib qulaq asır. Ara qapı örtüldü və Zeynəbin səsini daha eşitmədik. Və bizim otaqda bu dəqiqə elə bir sakitlik əmələ gəldi və mənim qəlbimdə elə bir tutqunluq üz verdi ki, otağımızda yanan şamı daha gözüm görmürdü. Və bu qaranlığın içində bu dəmdə mənim üçün Azərbaycan şairi Yeldai də yox idi, Səqərül-Qadiri də qaranlığa batdı və hətta dostumun bülbüllərinin cəmi ərəbləşmiş şeirləri zülmətin tərkinə düşüb, məndən ötrü həmişəlik fotə getdilər. Ancaq bu dəmdə mənim üçün bircə işıq haman tək bir şamın işığı idi ki, oradan Zeynəb arvadın dilindən açıq və şirin Azərbaycan nağılını eşidirdim. Elektrik çıraqları yandı və məni bu qaranlıq malxülyasından oyatdı. Elektrik fənninin tələbəsi şad və gülə-gülə gəldi. – Hı, dədə, nə olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şairlərin yandıralar? Atası da dilxoşluqla oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edir. Ev sahibindən üzr istədim və hazırlaşdım getməyə. Cavan məni küçə qapısınadək yola saldı və pilləkənləri yenə-yenə mənə belə dedi: – Molla dayı, vallah, doqquz ildi ki, müsəlman dərsi oxuyuram, amma genə bu şairlərin dilini qanmıram. Bunun cavabında mən buna əl verib ayrılanda dedim: – Sənə bir sözüm var; amma gərək atan bilməsin. Cavan and içdi və mən ona dedim: – Sənin dədənin və mənim əziz dostumun o qəribə şairlərinin dilini mən də qanmadım. Cavan mat qaldı. * * * Baqqal Məşədi Rəhim Təbrizdə olduğum vaxtlar məhəlləmizdə, "Usta-şəyird" bazarında bir baqqal ilə üns tutmuşduq və hətta axır vaxtlarda dost da olmuşduq. Mən Bakıya köçüb gələndən il yarım sonra haman Məşədi Rəhim gəldi çıxdı "Molla Nəsrəddin" idarəsinə. Məlum oldu ki, Məşədi Rəhim Təbrizdəki baqqal dükanını yığışdırıb, gəlib Bakıda dərya kənarı tərəfində genə baqqal dükanı açıb. Bir neçə vaxt keçdi, daha Məşədi Rəhim yadımdan çıxdı. Bir gün bulvarın qabağı ilə keçirdim, gördüm bir səliqəli baqqal dükanında dostum Məşədi Rəhim əyləşib alış-veriş eləyir. Girdim içəri. Məşədi Rəhim durdu ayağa, gəldi məni qucaqladı, altıma kürsü qoydu. Az qalırdı ki, kişi məhəbbətin çoxluğundan uşaq kimi ağlasın. Məni boşlayıb, Məşədi Rəhim cəld qaçdı dükanın mətaından əvvəl bir neçə alana gətirdi, ovcunda tutdu qabağıma. Mən istədim almayam; amma "mən ölüm"lə Məşədi Rəhim bu alanaların üçünü mənə yedirtdi. Sonra getdi, ovucları tutduqca bir neçə ağ alma gətirdi qoydu qabağıma və dedi: "Bax, bu almalar anton almasıdı. Qoy bundan bir qədər göndərim, ver uşaqlar yesin." Bu sözləri deyə-deyə Məşədi Rəhim bir yekə kağız torbasına bu almadan doldurub qoydu tərəziyə. Almadan sonra Məşədi Rəhim dükana göz gəzdirib, getdi ovcunda iki xurma gətirdi, tutdu qabağıma: "Bax, bu xurma Bağdad xurmasıdı. Plovun qarasına qoydur, ye, elə bil ki, məcundu." — Və əlinə bir kağız torbası alıb, istədi içinə xurma doldura. Söz yox, bunu lazımdı nəzərə almaq ki, mən buraya alış-verişə gəlməmişdim və hər halda bu şeyləri almağa nə meylim vardı, nə də cibimdə ona görə pulum vardı. Və o biri tərəfdən də Məşədi Rəhim o şivə ilə ki, başlamışdı, deyəsən dükanın hamısını elə bu saat tərəziyə qoyub, mənə satmaq xəyalında idi. — Dedim: "Məşədi Rəhim, sən elə eləmə və bu nahaq zəhməti də çəkmə. Bu şeylərin heç birisi mənə lazım deyil və plovun qarasına xurma qoymağı mən çoxdan yadırğamışam. Və bu şeyləri də ki, sən çəkib düzürsən bura, bunların pulunu verməyə heç mənim cibimdə tavana da yoxdur." Məşədi Rəhim dik baxdı üzümə; amma elə baxdı ki, bilmədim mənim sözlərim onun xoşuna gəldi, ya acığına gəldi. Bir az da baxandan sonra dedi: "Molla dayı, sən o sözləri mənə demə; çünki o sözlər mənə toxunur. Allah şahiddi ki, biz sənnən neçə ildi ki, bir evli kimiyik. Mən heç sənnən pul istəmirəm. Bax, qoy mən bu şeylərdən sənə bir qədər verim, apar qoy evində qalsın. Nə eybi var, bugun lazım olmaz sabah lazım olar. Evdi, evin qonaq-qarası olar. Belə şeylər həmişə ələ düşməz. Bax, bir-iki girvənkə bu püstədən qoyum; təzə Mazandarandan gəlib. Çox da ucuzdu. Bu il püstənin ilidir. Üç-dörd girvənkə bu pendirdən qoyum: Gəncə pendiridi, çox da yeməlidi, yekcə yağdı. Bu şabalıtdan on girvənkə çəkim, nuxalı rəfiqim Məşədi Sadıq təzəcə gətirib. Bax, bu sədri düyüsündən istərsən bir put, istərsən yarım put apar; Rəştdən öz əxəvim Məşədi Kərim seçib göndərib. Amma evdə gərək tapşırasan ki, pişirəndən bir gün qabaq suya qoysunlar. Amma zalım oğlunun düyüsü nə qədər desən gəlimlidir." Məşədi Rəhim bu sözləri dedikcə bir kağız torbaya anton alması qoyub çəkdi, bir kağız torbaya xurma qoydu çəkdi, bir qədər püstə qoydu, pendir qoydu, şahbalıt qoydu, iki yekə torba düyü qoydu çəkdi və genə istəyirdi əlini uzatsın kağız torbasına tərəf, mən dedim: "Məşədi Rəhim, sən zarafat eləyirsən, ya doğrudan bu çəkdiyin şeyləri məndən ötrü hazırlayırsan?" Dostum genə üzümə dik baxdı və dedi: "Bax, Molla dayı, and verirəm səni mabeynimizdə olan sədaqətə, əgər evinizdə qənd var, xub, olsun; əgər yoxdursa, beş-on girvənkə yarmarka qəndi apar. İki paçka qoyum; hər biri beş girvənkəlikdi, ikisi on girvənkədi…." Cəmi bu şeyləri Məşədi Rəhim yığdı səbətə, küçədən bir hambal çağırdı, cibindən iki şahı pul çıxartdı verdi hambala və dedi: "Əlihüseyn, bu şeyləri apar Molla dayının mənzilinə. Şeyləri boşalt, səbəti gətir dükana." Mən məəttəl qaldım və Məşədi Rəhimə dedim: "Məşədi Rəhim, sən niyə belə elədin və mən heç başa düşə bilmirəm ki, bu nə işdir." Ola bilərdi ki, bu şeyləri dükanda qoyub çıxıb gedə idim; amma bunu eləmədim. Bircə səbəbə: Məşədi Rəhim çox yalvardı; o qədər yalvardı ki, kişiyə yazığım gəldi. Hambal səbəti dalına atıb baxırdı üzümə ki, düşüm qabağa; amma mən də istədim ki, mənsiz getsin. Burada da məlum oldu ki, zalım oğlu bizim evi tanımır. Əlacım kəsildi. Evə yavıqlaşanda qonşuluğumuzda bir tanış rus arvadı dalımca hambalı bu şeylərlə yüklənmiş görəndə gülə-gülə "zdrastı" deyib keçdi. Bunun gümanı iki yerə gedə bilərdi: ya xəyalına gələ bilərdi ki, ev adamımızın birinin ad günüdü, ya da anadan olan günüdür; ya güman eləyə bilərdi ki, mənim güzəranım çox yaxşı keçir. Halbuki bu iki gümanın ikisi də batil idi. Evə lap yavıqlaşdıq. Hambal da dilləndi və dedi: "Molla əmi, maşallah, qəribə yeməli mal almısan. Yəqin ki, bugun qonaqlıq eləyirsən?" Mən burada hambaldan çox utandım və utanmağımın da səbəbi bu idi ki, mən, köhnə bir türk yazıçısı, bu halətdə və bu dəqiqə bir evdar qarınqulu məşədiyə oxşayırdım. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. * * * Qəza müxbiri Hekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır. O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir. Belə olan surətdə bu cür vicdansız müxbirlərin belə bir layiqsiz hərəkəti həqiqi və doğru-düzgün müxbirlərin də adını xarab edir; “yaşlar da qurunun oduna yanır”. Bundan sonra qəzet idarəsi özü də məəttəl qalır ki, kimə inansın və kimə inanmasın. Hal-hazırda mənim bu məsələyə əl vurmağıma bais, həmən Kazımın “Sünnət toyu” məsələsidir ki, neçə ay bundan qabaq möhtərəm oxucularımız qəzetlərdə bunu oxumuş olsunlar gərək. Əhvalat bu qərar ilədir. “Növbahar” qəzetinin 16 fevral tarixli və 33 nömrəli bir nüsxəsində “Kazımın toyu” sərlövhəsilə bir məqalə dərc olunmuşdu. Məqalə sahibi yazır ki, Qarabağda, Ağdam qəzasında, Kəhrizli kəndində iki nəfər elə yaxın məhəbbətli dost var idi ki, bunların arasından qıl da keçməzdi. Bu iki dostun birinin adı kənd şura sədri Əkbər Qurbanov və digərinin adı məzkur kənd sakini Kazım Məmməd oğludur. Bunların dostluğu çox da köhnə və o qədər də təzə deyil; ancaq ki, ya üçjə il qabaq o vaxtdan başlayır ki, Əkbər Qurbanov hələ şura sədri deyildi. Ancaq bir sadəcə zəhmətkeş rəncbər idi. Amma o zaman ki, bu zəhmətkeş yoldaş görür ki, hər bir şura sədrinə “kəndlilər baş əyirlər, itaət edirlər və bundan əlavə hər bir fürsət düşəndə peşkəşdən-zaddan da alırlar. Bunların hamısını tərəziyə qoyub, öz xəyalında samballayandan sonra Əkbər Qurbanov yoldaş bu əqidədə qərar tutur ki, şura sədri olmaq hər cür əkinçilikdən mənfəətlidir: nə afət və bəlası var, nə naloq-maloğu var, nə yanğısı və nə də həftələrlə növbəyə durub, aj heyvanların dərdini çəkmək var ki, görüm nə vaxt mənə bu növbə çatacaq ki, pambığımı qapana qoysunlar, növlərə (sortlara) ayırsınlar, ağırı yüngül çəksinlər, yüngülü ağır çəksinlər. Nə vaxt kefləri istədikdə məni və ac heyvanlarımı yola salsınlar. Bunların hamısını mülahizə edəndən sonra Əkbər Qurbanov yoldaş kənd şura seçkisi yavıqlaşanda özünü verir kənd qolçomaqlarının yanına, necə ki, atalar deyiblər: “Koxanı gör – kəndi çap” və burada Əkbər yəqin edir ki, qolçomaqsız iş keçməyəcək. Hər kənddən özünə bir “arxa” gözaltı eləyəndən sonra Əkbər Qurbanovun işi lapca düzəlir. Kazım Məmməd oğlunun köməyi [ilə] Allah tək bircə Kəhrizli kəndindən Əkbərə səs verən olur ki, şura sədrliyi Əkbər Qurbanovun üstündə qalır. Bu münvalla Əkbər Qurbanov kənd şurası sədri olur. * * * Şura sədri olandan sonra Əkbər Qurbanov yoldaş baxıb görür ki, indi daha o, adsız-sansız bir rəncbər deyil; indi o çox böyük bir adamdır. Hər yanda hörmət, itaət, qapısı ağzında bütün günü şikayətçi və gahdan bir quzu mələyir, toyuq-cücə də qaqqıldayır, puldan-paradan da olur. Bəs bunların müqabilində şükrani-nemət lazım, yaxşılığı itirməmək lazım, çünki bu işlər bihudə deyil. Kazım Məmməd oğlu kimi dostları bugünkü gündə yaddan çıxarmamaq, bivəfa olmamaq və atalar deyən kimi: “Yaxşılığa yaxşılıq mərd adamın işidir”, “Hər nə əkərsən, onu da biçərsən”, “Qoy ovcuma, qoyum ovcuna”, “Dostun səni aş ilə, sən onu bozbaş ilə” və qeyriləri... Bir gün Qurbanov dadaş qulluq işindən sonra gəlir Kəhrizli kəndinə və atını sürür düz Kazımgilə. Çay-çörək və şirin söhbət arasında məlum olur ki, Kazımın təzəliklə bir oğlu olubdur. – Ay kişi, nə söylüyürsən? – Bəli, Allah mənə bir oğul kəramət edib. – Ay gözün aydın, bəs adını nə qoymusan? – Sevdimalı. – Ay, Allah onu pir eləsin, Allah onu sənə çox görməsin. Çay-çörək yığışandan sonra ispalkom yoldaş çubuğunu sora-sora rəfiqi Kazıma belə deyir: – Kazım, mənim xəyalıma bir şey gəlir. – Nə gəlir? – Sevdimalıya gərək sünnət toyu eləyək. Kazım bir qədər gülümsünür və deyir: – Nə ərz eləyim? Amma uşaq balaca deyilmi? – A kişi, mən toy deyirəm. Uşağın balaja olmağının bura nə dəxli var?! – Nə deyirəm məsləhət sənindi. İstəyirsən toy elə, istəyirsən yapış uşağın əlindən apar başını kəs, ya apar sal quyuya. Uşaq sənindi, sənin nökərindi. Və həmin gün axşam vaxtı kəndin toy podratçısı Həsən Nəsir oğlunun evində məsləhət qurulur, toy tədarükü görülür, siyahı tutulur. Ağdama yağ, düyü üçün adam gedir, toyçuların dalınca atlı çapır və ayın iyirmi dördündə Kazımın həyətində toy başlanır. Qazanlar qurulur, qoyunlar kəsilir, bəy tikilir və qonaqlar da bir ucdan gəlməkdədirlər; belə ki, iki-üç günün müddətində Kəhrizli kəndində at kişnəməsindən qulaqlar tutulur. Toyun rejissoru (toy babası) Həsən Nəsir oğlu özü idi. Onun “zam”ı (köməkçisi) Əlibala oğlu Şahmar idi. Toyun “özündən bəyi” Camal Məmməd oğlu idi. Onun yasovulu İmran idi. Çalmaq, çağırmaq, oynamaq, gülüşmək, yallı getmək... “Ura-ura” asimana bülənd olmuşdu. Yaxşı da pul yığılırdı; çünki hamı bilirdi ki, bu toy ispalkom Qurban dadaşın dəsgahıdır, onun qorxusudur və bu səbəbə heç bir kəs artıq pul verməyi müzayiqə etmirdi, çünki itən yerə getmirdi. Pulun yığılmağı da “cərimə” üsulu ilə icra olunurdu; məsələn: Əbdül Kərim filankəsin yarasını yaxşı bağlamayıb, on manat cərimə cəld alınır. Fətəli kişi Sevdimalıya qaymaq göndərməyib, beş manat cərimə cəld alınır. Əliş toyun buğdasını dəyirmanda üyüdəndə “şahad” alıb, on manat cərimə. Filandan on beş manat cərimə, kasıb-kusubdan kimidən beş manat, kimidən üç manat, lap kasıblardan bir manat, iki manat, yarım manat. Hallı-halına görə. Və üç günün müddətində bu minvalla cəm olan pulların miqdarı beş yüz altmış bir manat on dörd qəpik oldu. Allah bərəkət versin!.. Kəndlilərin iqtisadi vəziyyətini nəzərə alanda, – bir surətdə də ki, heç hökumət vergisini vaxtlı-vaxtında verə bilmirlər, – bir bu qədər pulun cəm olmağı yenə böyük işdir; yəni “Allah bərəkət versin”dir. * * * Bu məqalə “Növbahar” ruznaməsində çap olunandan sonra, ispalkom yoldaş və onun rəfiqi Kazım Məmməd oğlu başlayır məqalə yazanı axtarmağa ki, onunla bacardıqları kimi hesablaşsınlar. Zənləri də bir-iki yerə gedir: əvvəl kənd müəllimindən bədguman olurlar və bir qədər onu incitməyə başlayırlar. Belə ki, onun əkininə su vermirlər, məktəb nazirinə ondan şikayət edirlər: “tez-tez Ağdama gedir”. Və hələ bir qədər də “Məmmədli” tayfasının məktəbə gedən uşaqlarını məktəbdən götürürlər (yəni: məktəbi baykot edirlər). Amma “Növbahar” idarəsindən məqalə sahibinin adını soruşduqda oradan cavab gəlir ki, məqaləni yazan bir nəfər “Qəzi”dir. Qəzi də həmən kənddə qədim mülkədar oğludur ki, indi komsomoldur. Bu da başlayır and içməyə ki, o məqalədən mənim xəbərim yoxdur. Hər halda iş-işdən keçib: məqalə yazılıb və məqalə sahibi məlumdurmu, Qəzidirmi, bizim üçün əhəmiyyəti yoxdur. Ancaq bizim sözümüz o yerdədir ki, hər bir müxbir ki, qələmi alır əlinə və kənd məişətindən yazmaq istəyir, heç vaxt iki şərti unutmasın: Birinci budur ki, böhtan, böhtan yazmasın. İkinci də budur ki, böyüklərə sataşmasın. Və Kazımın sünnət toyuna gəldikdə biz güman edirik ki, belə bir fəqərənin təfsilatını qəzetlərə yazıb çap etməyin mənası yoxdur. Buna da iki səbəb var: birisi budur ki, ispalkom kimi və Kazım Məmməd oğlu kimi hörmətli şəxslərə toxunur. İkincisi də budur ki, həmin toy əhvalatı doğru da olmuş olsa, burada məzəmmət olunası bir şey yoxdur; o səbəbə ki, hər bir kəsdən beş manat, on manat yığmaqla ki, bir adam dövlət sahibi olacaq, – nə eybi var, bu da iqtisadi qanunların bir növüdür. Necə ki, atalar da deyiblər: “Hər kosasaqqaldan bir tük çəkib topasaqqala versək, bunun saqqalı daha da top olar” və genə atalar deyiblər ki, “Hər lütdən bir sap çəksən, köynəkli adama artıq bir göynək də çıxar”. Gülübəy “Kəndli” qəzeti, 10 may 1926, №26 * * * Oğru inək Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini. Atalar sözü Qaraqılçıq kəndində bizim yaxın qohumlarımız yaşayır. Onun üçün də mən il olmaz ki, oraya qonaq getməyəm. Şəhər yerində qara-quraya baxmaqdan insanın hövsələsi daralır; ona görə də bir bəhanə axtarır ki, böyük şəhərdən bir neçə gün uzaq olsun. O biri tərəfdən də, kənd aləmində gahdan bir elə bir zövq və səfa üz verir ki, onu böyük və qalmaqallı şəhərdə heç vaxt tapa bilməzsən. Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. Əkinlər, sular, ağaclar və yarpaqlar… Gör hara gəlib çıxıbsan? Harada qaldı böyük şəhərin dar küçələri ki, camaatın əlindən səkidə yol tapıb, keçmək mümkün deyil. Xülasə. * * * Qaraqılçıq kəndində pambıqlar hələ yığılmaqda idi. Hava çox xoş keçirdi və sübh tezdən durub, tüfəngləri götürüb gedirdik dovşan ovuna. Dovşan ovu deməkdə, məqsəd dovşanı vurub, onun ətini yemək deyil; bir surətdə ki, bizim müsəlman arasında dovşanı heç layiqincə bişirib ortalığa çıxarmağı bacaran yoxdur. Ancaq ovun da ləzzəti bir canlı şeyi candan salıb onu ələ gətirməkdir ki, evə qayıdıb gələndə oğul-uşaq sənə gülüşüb deməsinlər ki, “bah, buna bax; maşallah ovçularımıza!..”. * * * On üç gün mən Qaraqılçıq kəndində qaldım və bu on üç günün bir həftəsinə kimi dovşan vurub gətirmək və onları parçalayıb köpəklərə verməklə keçirtdim. Qalan həftəni də bizim qohumların “oğru inək” adlı bir inəyi ilə məşğul oldum. Əhvalat bu qərar ilədir: Bir neçə gün kənddə vaxt keçirdəndən sonra gördüm ki, səhərlər çayın yanına yekə bayda dolusu qaynar süd gələndə “oğru inəyin südü” deyib danışırlar. Mən bu söhbətə diqqət verdim. “Oğru” sözünü insanlar barəsində eşitmişik və heyvanların da bir parasının barəsində eşitmişik; necə ki, məsələn, oğru pişik, oğru it. Quşlardan da sağsağan və qeyriləri də oğru ola bilər. Amma bunu bilmirdim ki, inək necə oğru ola bilər və nəyi oğurlaya bilər. Bir gün sabah çayını içəndən sonra əmoğlumla həyətə çıxdıq və mənim xahişimə görə o məni apardı inəyi göstərsin və onun oğurluğu barəsində məlumat versin. Həyətin kənarında, bağın qapısının yanında, uzaqdan bir boz inək görsənirdi. Əmoğlum mənə dedi ki, “oğru inək” dediyim – haman o inəkdir. Gəzə-gəzə getdik yaxınlaşdıq. İnək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. Bir buynuzunun yarısı da sınmışdı. Bir gözü lap yumulu idi; kimsə vurub çıxartmışdı. Əmoğlum inəyin o tərəfinə ötüb heyvanın dal qılçasında bir çapılmış yer göstərdi: keçən vaxtlarda hansı nainsaf dəhrə, ya xəncərlə yaralamış imiş. * * * Bunların hamısı öz qaydasınca. Ancaq mən onu bilmək istəyirdim ki, indi gündüz vaxtı inək nə səbəbə çölə otlamağa getməyib, evdə qalıbdır? Bağlarda da bir şey yoxdur ki, heyvanın qarnı doysun; bir surətdə ki, indi heyvanlar çölə gedirlər və biçilmiş taxıl yerlərində, sovulmuş pambıq yerlərində, çör-çöpdən-zaddan tapıb qarınlarını doyuzdururlar. Əmoğlum cavab verdi ki, inək toxdu, ona görə də qeyri heyvanlarımızla çölə getmək istəmir. Soruşdum: – Necə yəni toxdur və nə yeyir ki, tox olur? – Əmoğlum cavab verdi ki: – Həmin oğru inək gecələr xəlvətcə xalqın pambıq əkininə girir, qarnını doyuzdurur və səhər tezdən hava işıqlanmamış, qayıdıb gəlir. Payızın bu gödək günlərini də burada həyət-bacada gəzib dolanır və yatıb dincini alır. Mən soruşdum ki: – Pəs pambıq sahibi məgər gecələr pambığı başına buraxır? Məgər o pambığını heyvandan və oğru-əyridən gözləmir? – Əmoğlum belə cavab verdi. Dedi: – Əvvələn, bu sözləri sən yavaş danış; çünki o pambıqlar ki, onların bərəkətindən, bax, bu kor inəyimiz gündə bir dolu sərnic süd verir, – o pambıqlar hamısı bizim qonum-qonşunun pambığıdır. Onlar hərçənd ki, bizim bu oğru inəyin hünərindən xəbərdardırlar, amma Allaha təvəkkül edib, bizim inəyin oğurluğunu uzaq pambıqlara isnad verirlər; yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapı-bir qonşularımızın pambığının bərəkətinə bağlıdır. Ona görə də mən səndən xahiş edirəm ki, indi biz ehtiyat üçün gərək yavaş danışaq. * * * Gəldik evə. Hava qarınlıqladı və çıraqlar yandı. Axşam çay ortalığa gələndə, genə bir kasada qaynar süd ortalığa gəldi və burada oğru inək gəldi durdu gözümün qabağında və mən çox istədim biləm ki, indi oğru inək haradadır və nə işə məşğuldur. Əmoğlum dedi ki, hələ həyətdədir; çünki hələ vaxtı deyil, yəni hələ oğurluğa getməyibdir. Soruşdum: – Bəs nə vaxt cedəgək? – Dedi: – Adamlar yatışandan sonra. – Dedim: – Əmoğlu, bax, doğrusu, mən bir yazıçı adamam və bu bir neçə gün ki, burda sənə qonaq olub gəzib dolanıram və yağlı süd-qatıqlardan yeyib içirəm, bu öz qaydasınca. Və əlbəttə ki, şəhərə gedəndən sonra bu gözəl günləri həmişə arzu edəcəyəm. Amma burası var ki, biz bir yazıçı millətik, bizə yağ və pendirdən, süd və qaymaqdan da əfzəl yaxşıca tanımaq, təcrübə görmək lazımdır. Bizə gör-götür lazımdır. Bizə tema və mövzu lazımdır; yəni müxtəsər, bizim yazıçılıq karxanasında həmişə xammal lazımdır ki, karxanamız işləsin, bikar qalmasın. Bu gecə məndən yatdı yoxdu. Gərək bir bürüncək götürəm və sənlə gedəm, oğru inəyi səhərətək pusam və onun “fənd-felini” öyrənib sonra yazıya götürəm; ta ki, hər bir kəs bilmirsə, bilsin və eşitməyibsə eşitsin ki, inəkdən də oğru olarmış. Elə də elədik. Qabaqca əmoğlum tənbəlləşib getmək istəmirdi. Mən çox təkid elədim və istər-istəməz razı oldu; birlikdə getdik. Hərçənd ay işığı yox idi, amma hava o qədər də qaranlıq deyildi. Həyətin dibinədək getdik. Amma inək orada deyildi. Bağa girdik. Orada da inəyi görmədik. Əmoğlum dedi ki, inək yəqin ki, özünü veribdir pambıqların birinə. Amma hansı pambığa getməyini bilə bilmədik. Bağdan çıxdıq. Pambıq əkinlərinə tərəf gedirdik. Hava bir az soyuq idi. Mən üşüməyə başladım. Amma inəyin xasiyyəti məni o dərəcədə maraqlandırırdı ki, soyuqdan donsaydım da, genə inəyi tapmamış evə qayıtmayacaqdım. Burada əmoğlum mənə dedi: – Dayan. Baxdıq ki, qabaqda bir heyvan qaraltısı görsənir. Əmoğlum dedi: – Bu bizim inəkdir. Yəqin ki, burada Hüseynqulunun pambığına özünü vermək istəyir. Amma deyəsən pambıqda da adam var və adamın olmağını inək də duyubdur. Biz bu sözü danışanda pambıq zəmisinin içindən spiçka işığı gəldi. Məlum oldu ki, doğrudan da pambıqda adam var imiş. Demək, oğru inək durub güdürmüş ki, Hüseynqulu pambıqdan çıxıb evinə getsin, sonra bu da özünü pambığa versin, ta səhərə kimi orada otlayıb qarnını doyuzdursun. Söz yox ki, qonşuluqda bir belə mərdümazarlıq əmoğluma yaraşan şey deyildi; onun üçün də mən ona bir söz deməmiş, özü getdi inəyi qaytardı, gətirdi həyətə və istədi aparsın qeyri heyvanlarını saldığı pəyəyə salsın. Amma çox əlləşdi, inək ora getmək istəmədi; çünki vəhşi bir heyvan kimi çöldə “kallahı” dolanmağa çoxdan adət edibdir. Və bir də dedilər ki, pəyəyə onu zornan qatsan da qapısını-divarını uçurub dağıdacaq və qaçıb baş alıb gedəcək çöllərə otlamağa. Mən özüm də bir qədər yorulmuşdum. Yatdıq. Və səhər dedilər ki, gecə oğru inək hara isə əkilib və qarnını doyuzdurub, sübh tezdən qayıdıb gəlibdir. Oğru inəyin macərası bununla qurtarmadı. Mən kimi yazıçıya bu kifayət deyil ki, bir oğru inəyə rast gəldim, bir gecə də onun oğurluğunu gördüm və sonra gəldim yıxıldım yatdım, səhər də durdum, oğru inəyin oğurluqla yağlanan südünü çaya qarışdırıb ləzzətlə içdim, ayağa durdum. Çox maraqlı, çox qəribə və çox bilməli bir məsələ budur ki, həmin Allahın heyvanı harada, nə vaxt və kimdən bu oğurluğu öyrənibdir. Əmoğlum həmin oğru inəyi, yanında balası ilə iki il bundan qabaq qaraqılçıqlı Məşədi Nəcəfdən səksən bir manata almış imiş. Getdim, Məşədi Nəcəfi tapdım. O, inəyi bir il ondan qabaq qiyamədinli məşhur “oğru Musadan” almış imiş. Amma Məşədi Nəcəf, inəyin gecələr pəyəni dağıdıb oğurluğa getməyindən və kəndlilərin şikayətindən bezikib inəyi əmim oğluna satmış imiş. İndi oğru Musanı tapmaq mənə lazım oldu. Qiyamədinli kəndi ilə Qaraqılçıq kəndinin arası təqribən altı-yeddi vers olar. Evə qayıtdım və əmoğlumdan xahiş etdim ki, bir at-yəhər özünün var, bir at-yəhər də qonşudan borc alsın. Hərçənd əmoğlum Qiyamədinliyə getməyə bir güldü və mənlə ora getməyə qabaqca meyil göstərmədi. Mən çox təkid etdim, o da istər-istəməz razı oldu. Qiyamədinli bir böyük obadır və qədimdən oğurluqda şöhrət tapıbdır. Yadıma gələn budur ki, keçmiş əyyamda ədliyyə məhkəmələrinin işlərinin çox hissəsi qiyamədinlilərin oğurluq işlərindən ibarət olardı. İndi də bir neçə il bundan qabaq qiyamədinlilər genə ad çıxarmaq istəyirdilər; ancaq hökumət bir qədər bərk tərpəşdiyindən Qiyamədinli oğrularını bir növ susdurdu. Əmoğlumla bir soyuq gündə atları mindik və Qiyamədinliyə gəldik çıxdıq. Pəs hara düşək? Əmoğlum istədi atı kənd şura sədri və əmoğlumun aşnası olan Məmmədyargilə sürsün. Dedim: – Yox, ora getməyək və iki səbəbə görə ora düşməyək: biri budur ki, Məmmədyarı bu işə gərək qatmayaq; çünki burda sual-cavab olacaq, danışıq olacaq. İnəyi oğru Musa haradan alıb, kimə satıb, niyə və neçəyə satıb? Və axırda Məmmədyar bizim yanımızda xəcalət ola bilər ki, onun da kəndində oğurluq darülfünundan nəinki tək bircə insanlar oğurluq diplomları alırlar, hələ bəlkə heyvanlar da adamlardan geri qalmırlar. İkincisi də budur ki: biz əgər şura sədrinin evinə düşsək, orada heç bir iş görə bilmərik; çünki oğru Musa eşidəndə ki, biz şura sədrinin evinə düşmüşük qorxusundan nə oraya gələcək ki, biz onunla görüşüb danışaq, nə də bizə bir açıq söz deyəcək. O elə güman edəcək ki, biz şikayətə gəlmişik. Və bizim oraya gəlməyimizi, şura sədrigildə düşüb oğru inəyin söhbətini açdığımızı Musa eşitsə, bəlkə hələ qorxusundan kənddən baş alıb qaçıb gedə. Mən daha əmoğlumun bu barədə məsləhətinə ümidvar olmayıb, dedim atları sürək kənd məktəbinə. Elə də oldu. Bir sinifli kiçik bir məktəbin tək bircə müəllimi var idi ki, özü də müdir hesab olunurdu. Adı Mirzə Xəlil idi. Atdan düşdük. Mirzə Xəlil qabağımıza çıxdı. Xoş-beş… Məktəb şagirdləri həyətdə hay-küylə oynaşırdılar. Bunlar bizi görcək yanımıza toplandılar. Atlarımızı əlimizdən alıb bilmədik hara çəkdilər. Əmoğlu atların dalınca getdi və Mirzə Xəlil məni içəri apardı. Bir yekə otağın küncündə dəmir peç yanırdı. Otaq xeyli isti idi. Bir qədər keçdi, əmoğlu gəldi, çay içdik və axırda mən mətləbi Mirzə Xəlilə açdım. Mən bu söhbəti Mirzə Xəlilə söyləyəndə, bizə çay gətirən on dörd-on beş yaşında bir oğlan durub qulaq asırdı. Və mən “oğru Musa” adını çəkən kimi bu oğlan çıxdı getdi. Müəllim Mirzə Xəlil də bunun dalınca çıxdı, geri qayıtdı, mənə dedi ki: – Bu oğlan ki, bizə çay gətirirdi, oğru Musanın qonşusudur. Mən başa düşdüm ki, deyəsən, işi xarab elədim; çünki biz qərib adamıq və atdan düşən kimi birdən-birə oğurluq söhbəti salanda, camaat əlbəttə elə başa düşər ki, biz hökumət adamıyıq, oğru Musanı tutmağa gəlmişik. * * * Mən necə ki, güman edirdim, elə də oldu. Oğru Musanın adı məktəb şagirdlərinin ağızlarına düşən kimi kənddə küy düşdü: “Oğru Musanın dalınca adam gəlib ki, onu tutsun aparsın”. Mirzə Xəlil zəngi çaldı və şagirdləri sinfə yığdı. Onlara başa saldıq ki, biz nə hökumət adamıyıq və nə bir kəsi tutmağa gəlmişik, ancaq şagirdlərin dərslərinə baxmağa gəlmişik; özümüz də Qaraqılçıq kəndinin müəllimləriyik. Mirzə Xəlil dərs verməyə başladı. Biz də həyətə çıxdıq və tövləyə getdik ki, atları yoxlayaq. Bir qoca kişi atlarımızın qabağına saman tökürdü. Bizi görəndə salam verdi, dedi: – Siz zəhmət çəkib soyuğa çıxmayın. Yoldan gəlmişsiniz, otaqda əyləşin, atlardan yana nigaran olmayın; mən burdayam. Qoca kişi məktəbin qulluqçusu imiş. Biz qayıdıb otağa gəldik və qoca kişi də içəri girdi. Çubuğunu cibindən çıxartdı, doldura-doldura dedi: – Mərdüməzarın evini Allah yıxsın! Zəhrimar olsun o xeyir ki, sən onu oğurluqnan qazanacaqsan! İnsan gərək düzlüklə bir parça çörəyi qazana. Oğurluqnan vallah-billah heç kəs bu dünyada bir şey sahibi olmayıb, bir xeyir-bərəkət sahibi olmaz. – Dedim: – Ay əmi, sən kimin qarasınca danışırsan? – O haramzada Musanı deyirəm. İndi odur, inəyin günündə gəzir. – Necə ki? – Necə olacaq, ilin iki ayını çöldə gəzir, on ayını dustaqxanada. – Ay əmi, sən yəqin ki, onun əməllərindən eşitmiş olacaqsan. O özü oğrudur, bu öz qaydası ilə. Amma bu nə tövr olubdur ki, deyirlər onun özü kimi bir oğru inəyi də var imiş? Burada qoca kişi çubuğunu bir bərk sordu və dedi: – Hay-hay!.. Musanın nəiyni görmüsən? O heç maldar deyil. O inəyi də uşaq vaxtı çovdar malından oğurlamışdı. Gecələr evdə qalmazdı ki, inəyə də göz-qulaq olsun. Onun üçün də gecələr oğurluğa inəyi də aparardı. İnək də belə cins inəkdi. Bizlərdə heç elə heyvan yoxdur deyəsən. Zəngəzur heyvanlarından idi. Qırışmal inəyi o qədər pambıq oğurluğuna gecələr apardı ki, inək də, neyləsin, heyvan olanda nə olar. Atalar demişkən: “Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini”. Hə, bilirsən, ay ağa, o inəyin başı nələr çəkibdir, nə qədər ziyanlıqda tutulub, nə qədər ona kötək dəyib!? Gərək ki, bir buynuzu da sınmış ola; bir gözünü də Zülfüqar vurdu kor elədi. Zəng çalındı. Uşaqlar bal arısı kimi vızıltı başladılar. Atları mindik, axşam özümüzü yetirdik Qaraqılçığa. Hava da çox soyuq idi. * * * İki ər Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür. O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar. Həmin bu dindar əhalinin vətənində təqribən Oktyabr inqilabının qabaqlarında, yəni on-on iki il bundan qabaq, bir Allah bəndəsi yaşayırdı ki, onun ismi Hacı Ramazan idi. Hacı Ramazan “idi” deməkdə mən ona işarə etmək istəyirəm ki, bu bəndeyi-xuda indi daha hali-həyatda deyil; bir neçə il bundan müqəddəm eşitdim ki, vəfat edibdir. Hacının sənəti hamamçılıq idi; yəni Heydər ağanın hamamını icarəyə götürmüşdü. Elə yadımdadır ki, ilin müddətində haman icarə etdiyi hamamdan altı yüz manat sahibinə verdi və bir o qədər də bəlkə özünə zəhmət haqqı qaldı. Çün Hacı Ramazan bizim qonşumuz idi, onunçun da onun nəinki hamam icarəsinin təfsilatı, bəlkə ev-eşiyinin xırda-para işləri də göz qabağında idi və mən möhtərəm oxucularımı inandırıram ki, Hacı Ramazan övrəti Şərəbanını çox istərdi; o qədər istərdi ki, övrətin yolunda Hacı Ramazanın iki dəfə xəlvətcə ağladığını görmüşəm: bir dəfə övrətinə heç bir şey üstündə acığı tutub talaq verəndən sonra və ikinci dəfə hacının ağlamağını o vaxt gördüm ki, övrəti ilə barışandan sonra. İkinci dəfə acığa düşüb boşayandan sonra, biçarə kişi gəldi mənim atamın yanına və ona başladı yalvarmağa: – Məşədi Ələsgər əmoğlu, and verirəm səni o qərib imam Rzaya ki, mən qərib bir adam kimi evimdə oturub qürəba tək ahü-nalə edirəm. Gəl zəhmət çək, get Hacı Əsədgilə və o kişiyə de ki, Hacı Ramazan bir qələtdi eliyibdir. Demək, Hacı Əsəd – Hacı Ramazanın övrəti Şərəbanının atasıdır. Və Hacı Ramazan övrəti ikinci dəfə boşayandan sonra o qədər peşman olub, o qədər qəm-qüssə edir ki, təkliyə tab gətirə bilməyib, gəlib ürəyinin dərdini mənim atama açır, ondan vəsatət və müavinət təmənna edir. Hacı Ramazan qırx beş-əlli yaşında ucaboy bir kişi idi. Övrəti Şərəbanı, otuz beş ya bir az artıq yaşında göyçək bir arvad idi. Bunların övladı yox idi və əvvəlindən heç də olmamışdı. Zahirən yaxşı yola gedərdilər və kişinin övrətə olan məhəbbəti – necə ki, ərz olundu – kafi dərəcədə idi: amma səbəb nə oldusa, iki ilin müddətində aralarında nə vaqe oldusa, Hacı Ramazan övrəti Şərəbanıya iki ilin müddətində iki dəfə talaq verdi və ikinci talaqdan sonra genə nəhayət peşman olmuşdu və onun üçün də atamın yanına iltimasa gəlmişdi. Əzbəs ki, bizim Hacı Əsədə bir növ uzaq qohumluğumuz çatırdı və Hacı Əsəd hər halda atamın sözünü yerə salmazdı və onun üçün də Ramazan atama pənah gətirmişdi. Xülasə, bu dəfə də iş yaxşılıqla düzəldi: çünki bu dəfə də Şərəbanıya verilən talaq – təlaqi-rüci hesab olunurdu. Şərəbanının iddəsi tamam olmamışdı, xalamgil getdilər, övrəti gətirdilər əri Hacı Ramazana tapşırdılar və bu dəfə ondan xahiş etdilər ki, dəxi bundan sonra mehriban dolansınlar ki, bir də özlərini və özgələrini zəhmətə salmasınlar. Bu əhvalatdan bir il keçmişdi ki, dedilər Hacı Ramazan övrəti Şərəbanı ilə sözə gəliblər və sonra eşitdik ki, Hacı genə övrətinin talağını veribdir. Bu dəfə daha bunların mabeyninə girən olmadı. Hər kəs bu xəbəri eşidirdi, gülməkdən başqa qeyri bir cavab tapa bilmirdi versin və dəlidivanədən savayı Hacı Ramazanla övrətinə bir qeyri ad tapa bilmirdi qoysun. Amma axırda ər və arvad genə barışdılar; çünki bunların bir-birinə heç bir ədavəti yox idi; ancaq bir-birilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşdular. Amma bu dəfə bunların başına bir qəzavü-qədər gəldi ki, bir-birilə yola getməməklərinin və tez-tez ayrılmalarının nəticəsində el içində abırları getməkdən savayı, aşıqların dilinə və hekayə yazanların qələminə düşüb rüsvayi-cahan oldular. Belə ki, şəhərimizin mollalarının cümləsi bu rəyə gəldilər ki, müvafiqi-şəri-şəriət Şərəbanını dübarə əri Hacı Ramazana qaytarıb əqd etmək mümkün deyil, ta o vaxtadək Şərəbanı bir qeyri şəxsə ərə gedə, ona müvafiq qayda ilə arvadlıq edə və sonra müvafiqi-şəriət ondan boşana və iddəsi çıxa. Və məhz ondan sonra yad bir övrət kimi genə irəlidəki əri Hacı Ramazana qayıdıb övrət ola bilər. Əvvəllər mən də bu sözə inanmadım və qonşuluğumuzda Hacı Molla Əlidən bu məsələni soruşduqda doğrudan bildim ki, Quranda həmin fəqərə müəyyən surədə qeyd olunubdur. Hacı Molla Əli hətta Quranı açdı və bilmirəm hansı yerindən belə bir ayə də gətirdi ki, guya əgər bir müsəlman bəndə övrətinə iki dəfə talaq verəndən sonra, genə üçüncü dəfə onu boşaya, o vaxt daha o övrət o kişiyə halal ola bilməz; “fəla təhəllü ləhü minbədü hətta tənəkhü zocən ğeyrən”; yəni özgə bir ərə getməyincə dəxi qabaqkı ərinə halal ola bilməz. Mən elə qanıram ki, o yerdə ki, bir işin, çətin bir məsələnin özgə bir həlli, qeyri bir çarəsi yoxdursa, daha o yerdə çox da atılıb düşmək, ya çox fikirləşmək lazım deyil: zira zəmani ki, sənin qabağına Quran ayəsi kimi “həblül-mətin” qoyulub, sübuta yetirirlər ki, flan yol ilə yox, flan yol ilə getməlisən, daha burada bir özgə çarə yoxdur: gərək haman yol ilə, xoşsa da, naxoşsa da, getməlisən. Hərçənd Hacı Ramazan üçün Qurani-Şərif ortalığa qoyduğu təfsir heç də əlverişli deyil idi, amma əhli-iman Hacı Ramazan üçün bundan başqa bir təfsir ola bilməzdi. Demək, gərək Şərəbanı müvəqqəti surətdə qeyri bir ərə getsin. Pəs kimə getsin? Bu məsələ, zənn edirəm, dünyada yaşayan cəmi övrət sahibi ərlər üçün müşkül bir məsələ gərək ola. Nə tövr olsun ki, Hacı Ramazanın gözləri baxa-baxa istəkli övrəti bir özgə kişiyə ərə getsin? Axı, o övrətdən Hacı Ramazan əl çəkməyibdir?.. Hələ nəinki əl çəkməyibdir, hətta bəlkə gecələr də ondan ötrü biqərar olub yuxuluya da bilmir. Aha!.. Hacı Ramazan dadaşımızın fikrinə bir şey gəldi və ürəkdən dərin bir ah çəkdi. Həmin ah elə şəfabəxş bir ah idi ki, hacının ürəyində hər nə qədər küdurət və öhdəsində nə qədər ağırlıqda ağır yük var idi, fövrən onların hamısını yüngülləşdirib, ona bir nicat yolu göstərdi. Hacı Ramazan xəyalında qoydu ki, Şərəbanının siğəsini oxutsun öz hamamının tulambarçısı Kəblə İmaməliyə. Bu kimi çox bir fəqir, altmış yaşında pəjmürdə hal, bir çirkli-mirkli iranlıdır. Səhərdən-axşamadək peşəsi karvansaralardan hamama təzə peyin daşımaq, onu hamamın damında qurutmaq və quru peyini kürəkləyib, hamam kürəsinə töküb yandırmaq idi. Kəblə İmaməli subay bir kişidir və evi-eşiyi olmadığından hamam dalanında yatırdı. Xeyli kasıb olduğu cəhətdən Hacı Ramazana bərk itaət edib, gecə-gündüz peynlə çalışırdı ki, oradan ona çatan bir tikə çörəkdən əli üzülməsin. Hərçənd bu iş zahirdə Hacı Ramazan üçün çox asan vəchlə düzələn işə oxşayırdı, amma axırda elə olmadı. Hacı güman edirmiş ki, bəli, Şərəbanının siğəsi zahirən və rəsmən oxunub, şərən Kəblə İmaməliyə övrət olar. Nə eybi var? Kəbləyi kişi öz tulumbarçılığında, Şərəbanı isə öz atası Hacı Əsədin evində. Bir neçə gündən sonra siğə geri oxunar, yəni rəsmən kəbləyi, Şərəbanının talağın verər və öz vaxtında da Şərəbanının genə siğəsi Hacı Ramazana oxunar. Və beləliklə iş qurtarıb gedər. Heyhat! Necə xam xəyal! Şəhərin cəmi şəriətmədar və hüquqşünasları bu rəydə müttəfiq oldular ki, Kəblə İmaməli, şəri Şərəbanıya yavıq düşməyincə, onunla müvafiqi-şəriət cüt olub övrəti eləməyincə, Şərəbanı bu kişiyə ərə getmiş hesab olunmayacaq və beləliklə də Hacı Ramazanın niyyəti düzəlməyəcək. Danışırlar ki, Hacı dadaş burada xeyli zəhmətə düşdü: o, mollaya yanaşdı, bu fazildən məsələ etdirdi, hiyleyi-şər yollarını axtardı və bu yolda çox xərc qoydu. Hətta çarəsiz qalıb Kəblə İmaməliyə də pənah apardı; onunla da nə isə xəlvətdə çox danışardı. Elə başa düşürəm ki, çarə ələ gətirə bilmədi; çünki mən də bir vaxt gördüm və qonşularımız da buna şahid olduq ki, Hacı Ramazan Kəblə İmaməliyə öz məhəlləsində müvəqqəti bir mənzil kirayə elədi, orada kişiyə bir otaq döşətdirdi. Kəbləyi kişinin üst-başını təzələdi və bir neçə gündən sonra Şərəbanını haman Kəblə İmaməlinin mənzilinə gətirdilər. Bundan sonra məhəllə uşaqları gahdan bir Kəblə İmaməlini təzə mənzilinə gedən görəndə onun dalınca o qədər gülüşüb qışqırardılar ki, kişi axırda hirslənib, yerdən daş götürüb uşaqların üstə atardı. Amma hamısından gülünc bu idi ki, Hacı Ramazan əmi hərçənd gecələr Şərəbanının yanında qalmazdı və qala da bilməzdi, amma gündüzlər, qədimdən adət etdiyi kimi bazardan ət, çörək alıb əlində səbət aparardı və qapıdan Şərəbanını çağırıb verərdi; arvad da yad arvad kimi başında çarqat, üzü örtülü gəlib əti alıb aparardı. Qonşuların dediyinə görə Hacı, Şərəbanıya bircə bunu deyərdi: – Ay qız, kefin necədir? Qabaqca Hacı, Kəblə İmaməli ilə şərt qoymuşdu ki, Şərəbanının talağını tez bir vaxtda versin. Amma bilmədik səbəb nə oldu ki, bu iş təxirə düşdü və bir neçə ay çəkdi. Bir dedilər ki, Kəblə İmaməli Şərəbanını daha boşamaq istəmir; sonra dedilər ki, Kəblə İmaməli Hacı Ramazandan bir neçə yüz manat pul istəyir. Bir övqat söyləyirdilər ki, bu iki ərin arasında Şərəbanının üstündə böyük niza əmələ gəldi. Amma nəticədə işlər pis keçmədi. Bir gün danışdılar ki, Kəblə İmaməli Şərəbanının talağını veribdir və bir neçə vaxtdan sonra dedilər ki, Hacı Ramazan Şərəbanını nikah edib evinə gətirib. Bu hekayəni indi qələmə gətirməkdən mənim məqsədim budur: Mən istəyirəm bunu qeyd edəm ki, bir belə işlər, yəni kişilər tərəfindən övrətə üç dəfə talaq verəndən sonra o övrəti qeyri bir kişiyə nikah etmək məcburiyyəti təzə bir söhbət deyil. Məlumdur ki, dindar müsəlmanlar arasında belə əhvalatlar həmişə ittifaq düşübdür və buna keçmiş vaxtlarda bir kəs nə təəccüb və nə də etiraz edərdilər. Amma hal-hazırda əgər bu sətirlərin indiki oxucuları burada yazılan keyfiyyəti və bu hekayədə adları çəkilən molla və məşədiləri gülünc hesab etsələr, bu ondan ötrüdür ki, biz indi Oktyabr inqilabının onuncu ilinə gəlib çatmışıq. Və bu da məlumdur ki, indiki əsrimiz elə bir əsrdir ki, ərlə arvad tez-tez dalaşır və tez-tez barışır da. Nə şəriətin nikahı, talağı və nə Kəblə İmaməlinin vəsatəti onlara lazım olmur; səbəb budur ki, indi daha insanlar azad yaşamaq üçün özlərinə azad bir yol tapırlar. * * * Yuxu Hacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım. Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi). Mən girdim kişilərin yanına və salam verib keçdim yuxarı və əyləşdim. İlk əmmaməli molla yuxarı başda dizüstə əyləşmişdi. Və mən oturan kimi bunların biri ucadan fatihə dedi və camaat da başladı kimi “bismillah” və kimi “əlhəmdullah” deyib, öz-özünə yavaşca vird eləməyə. Otağın ortasında bir əmmaməsiz mollacıq da diz üstə çöküb, qabağında bir dəstə cildli kitabça, əlində bu kitabçaların birini gözünün yavuquna tutub oxuyurdu. Əyləşən kişilərin də bir neçəsi, əllərində bu kitabçalardan, yavaşca mırtdana-mırtdana oxuyurdular. Bu kitabçalar Quranın cüzləri idi ki, ibarət ola Quranın otuz hissəsindən. Mərhumun böyük oğlu Kəblə Tağı başıaşağı və qəmgin durmuşdu ayaqüstə, qapının ağzında. Hər bir içəri daxil olan salam verib əyləşəndən sonra Kəblə Tağı da yavaşca durduğu yerdə çökürdü dizi üstə və birisi durub gedəndə Kəblə Tağı da dik qalxırdı ayaq üstə. Və gedən adam üzünü evin təzə sahibinə tutub hərə bir cür təsəlli verirdi. Biri müxtəsərcə deyirdi: – Allah rəhmət eləsin. Amma biri bir az dayanıb bir-iki söz də artıq deyirdi: – Kəbləyi, heç ürəyini sıxma, bu dünyada heç kəs qalmayacaq; bu dünya namərd dünyadır. Hər yaranmışın axırı ölməkdir; bu bir Allah məsləhətidir. Bu işlərin bizə dəxli yoxdur; heç ürəyini sıxma. Mən həmd surəni oxuyub qurtarandan sonra yavaşca dedim: – Allah rəhmət eləsin. Mən oturandan sonra bir-iki dəqiqə məclis sakit keçdi, danışan olmadı. Ancaq bir adam da mənim kimi girdi otağa və əyləşdi; buna da fatihə deyib və genə məclis əhli həmd surə oxudular və sonra genə sakitlik əmələ gəldi. Ancaq mənim sol tərəfimdə əyləşən Məşədi Zülfüqar mollalara tərəf üzünü tutub soruşdu: – Axund Molla Əhməd, bu ay gərək kəmyek ola. Molla da başını Quranın cüzündən qalxızıb dedi: – Bəli, gərək kəmyek ola. Mən də Məşədi Zülfüqara tərəf döndüm və dedim: – Bəli, gərək kəmyek ola. * * * Quranın bir cüzünü mən də əmmaməsiz mollacıqdan istədim və açdım, başladım oxumağa. Dəxi bilmirəm dünyanın harasında idim ki, bir də gördüm ev sahibi Kəblə Tağı gəlib çöküb qabağımda və məni yuxudan oyadır. Məlum oldu ki, məni burada şirin yuxu tutub. Baxdım ki, cüzün əlif-lam-mim surəsinin ancaq iki səhifəsini oxumuşam. Ölüm-zülüm cüzü qurtardım, öz könlümdə fatihə verdim. Həmd surəni oxudum və Quranın hissəsini öpdüm, verdim mollacığa və durdum ayağa. – Kəblə Tağı, Allah öz birliyi xatirəsi üçün Məşədi əmoğlunu behiştin ən yaxşı yerində əyləşdirsin və sənin vücudun ilə onun ocağını söndürməsin. Çıxdıq dalana və Kəblə Tağı ucadan çığırdı: – Ay uşaq, Bilqeyis bacıya deyin, Molla əmi gedir, dursun gəlsin. Bilqeyis övrət bizim uşaqların anasının adıdır. Fanusumu dalanda yandırdılar, verdilər əlimə, yendim həyətə və gördüm ki, övrət evindən bir çarşovlu övrət mənim dalıma düşdü və dalımca çıxdı küçəyə və mən də arxayın fanar əlimdə gedirəm. Hava çox da qaranlıq deyildi və bununla belə əlimdəki fanar bir az da işıq salırdı. Hacı Mürsəl küçəsini keçdik, çatdıq Əlimurad körpüsünə. Buradan mən keçdim və gördüm ki, Bilqeyis çarşava bərk-bərk bürünüb, durub mənə tərəf baxır. Təəccüb elədim və bir az da acıqlandım və dedim: – Dəxi, nə istixarə eliyirsən? Gecə keçibdir. Belə gəl gedək. Arvad durduğu yerdə durub, dəxi bir yana hərəkət eləmirdi. Mən genə təkid elədim və bu dəfə bir az da ucadan bunu çağırdım və bilmirəm ağzıma gələn bir neçə acıqlı söz də dedim. Arvad tərpənmək istəmirdi. Həmi xeyli təəccüb elədim və həmi də nəhayətsiz qeyzləndim və arvada tərəf belə söyüş göndərdim: – Ay məlunun qızı, əgər mənlə zarafatın var, bura zarafat yeri deyil, gəl gedək. Ba!.. Bu heyndə məni heyrətə gətirən bu oldu ki, gördüm arvad dinməz-söyləməz qayıdıb geri gedir. İstədim yerdən bir daş götürəm və arvadın dalıyca qaçam, vuram baş-gözü əzilsin; amma burada dayandım və öz-özümə dedim: Sübhanallah! Bəlkə bu bir yuxudur ki, mən görürəm. Ancaq burada bir səs eşitdim və yuxudan ayıldım. Uzaqdan bir kişi səsi “Bilqeyis” deyib haraylayırdı. Səs yavıqlaşırdı və baxam ki, Məşədi Cəfər əmoğlu bizim ev adamımız Bilqeyisi dalına salıb gətirir. Burada iş açıldı. Deməginən dalıma düşüb gələn Məşədi Cəfər əmoğlunun övrəti Bilqeyis imiş və Məşədi Cəfər əmoğlu da arvadların içində öz Bilqeyisini tapmayıb, bizim Bilqeyisi gətirib ki, onu mənə tapşırsın və özününkünü aparsın. Helə də elədi: övrətini qulağım eşidə-eşidə məzəmmətlə saldı dalına və apardı. Bizim Bilqeyis də düşdü mənim dalıma və mən də bunu məzəmmət eləyə-eləyə və bəlkə də söyə-söyə apardım evimizə. Uşaqlar hələ yatmamışdı. Balaca Həcər bizi görən kimi sevincək soruşdu: – Dədə, hara getmişdiniz? – Mən acıqla cavab verdim: – Cəhənnəmə getmişdik, gora getmişdik! Uşaq səsini kəsdi. * * * Qiyamət Yaxud kəndli qadınlar Bu ilki oktyabr ayı ola bilər ki, bir çoxları üçün bir şadlıq yadigarı hesab oluna, amma mən baxtıqaradan ötrü həmin oktyabr qəmgin bir ay oldu, o səbəbə ki, bu ayın ərzində saysız və hesabsız kəndli qadınlar bir yerə cəm oldular və üzü açıq, naməhrəm kişilərin içində nitq söyləməyə başladılar. Və heç kəs məni başa sala bilmir ki, axır bu nə qiyamətdir? Axır bir zalda beş yüz arvad ola bilər, hamısı da üzü açıq? Və bunu görüb hər bir kəsdən soruşdumsa: bu nə qiyamətdir? Mənə cavab verən olmadı. Mən də köhnə əsrin adamıyam, o əsrin adamıyam ki, bir şəriət hamısı bir yerdə bir övrəti üzü açıq görəndə, ona min lənət oxuyurdu. Ax, fəda olum sənə, haradasan, indi bir gəl tamaşa elə bu üzü açıqlara, gəl bir gör necə yoldan azıblar, necə tüğyan edirlər, gör nə dərəcədə qəflətdədirlər ki, heç xəyal eləmirlər ki, Allah taala öz nazil etdiyi məshəfi-şərifində belə azğın qadınlar barəsində nələr, nə fitvalar təyin edibdir: vəqtülü təqtilən, yəni belə yoldan azmış qadınlar barəsində əmr olunur ki, hər yerdə tapıldılar, gərək qətlə yetirilsinlər. Xudaya, bu nə qiyamətdir? Hələ üzü açıqlıq bəs deyil, hələ neçə yüz zəhmətkeş kəndli qadınlar ortalığa çıxıb nitq də söyləyirlər. Kişilərtək nitq söyləyirlər… Nə danışırlar? Birinin dediklərini eynən yadımda saxlamışam. “Min ildən artıqdır ki, biz pərdə dalındayıq, min ildən artıqdır ki, biz hərəmxanələrdə dustağıq, zalım kişilərə qulluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq, hiçab çomağının altındayıq, dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir”. Qeyri bir qadın nərə təpə-təpə deyirdi: “Bax, bizim qənimimiz, indiyədək bizi əsarətdə saxlayan həmin çarşaf olubdur. Biz bunu nəinki yad kişilər yanında, hətta yavıq qohumlarımızdan da gizlənmək üçün örtmüşük. Və belə gizlənməyə bizi mollalar məcbur edibdir, bizi Quranın ehkamı məcbur edibdir”. Bu sözləri deyə-deyə həmin qadın belə bir cuşə gəldi ki; əlindəki qara çarşafı cırdı, tikələrini yerə tulladı. Küçə ilə bir gün keçərkən, mat və müəəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbaləb dolu idi. Aya bu nə qiyamətdir? Qadınlar yığıncağıdır. Nə olub? Buraya nə üçün cəm olublar? Və nə istiyirlər. Öz dərdlərini bir-birinə söyləməyə yığışıblar, öz hüquqlarını ələ gətirməyə cəm olublar, öz min illik dərdlərini, həsrətlərini izhar etməyə toplaşıblar. Nə hüquq? Necə hüquq? Mən bu işə lap müəəttəl qaldım, çünki mən bir köhnə adamam, bir piri-kuhənsaləm və indiyədək ağıllı şəxslərdən eşitdiyim budur ki, qadın həmişə kişinin itaətində gərək olsun, səbəb budur ki, qadın ağıl və kamalda, qabiliyyət və zəkavətdə kişidən aşağı hesab olunur. Necə ki, fürqani-kərimin bəqərə surəsində zikr olunubdur ki, ərəb dilində: “Və lirricali əleyhinə dərəcətün” yəni bunun məzmunu budur ki, kişilərin dərəcəsi övrətlərdən artıq tutula gərək. Səbəb budur ki, cənab Allah bunu öz fürqani-məcidində xəbər veribdir, ondan ötrü xəbər vermiyibdir ki, dabanı çatdax kəndli zəhmətkeş qadınlar qurultay məclislərində hazır olub xüdavəndi-aləmin ehkamını tənqid edələr, ondan ötrü xəbər verməyibdir ki, bir para Allahsız yazıçılar Quranı və kitabı məsxərəyə qoyalar, ondan ötrü xəbər veribdir ki, bu ehkam nə qədər dünya durubdur, o qədər də daim durub dəyişilməsin, necə ki, xüdavəndi-aləm cəllə-cəlaləhu genə öz mübarək kitabının əhzab surəsində xəbər veribdir ki, mənim ehkamım dünya durduqca baqidirlər, baqi əbədidirlər, necə ki, haman ayeyi-mübarəkənin mənası həmin məzmuna mütabiq gəlir: “Və limən təcidə lisünnətallahi təbdilən” ya Məhəmməd Allah təalanın hökmü və iradəsi cəmi əzmindən ötrüdür ki, təğyir və təbdil oluna bilməz və olunmuya da gərək. Vaveyla va şəriəta! Gör yer üzünü zülmət nə dərəcədə bürüyübdür ki, gör insanlar necə qatildirlər ki, bu beş günlük dünyanı qənimət bilməkdən, onunla lazımınca istifadə etməkdən, xüdavəndi-aləm bizə təyin qıldığı sövm və səlatı əda etməkdən, gör bu bədbaxtın qızları nə məşqə düşüblər! Pəs sən ki, gözəl oğatını sərf edəcəksən bu kənddən o kəndə, bu şəhərdən o şəhərə qurultaylara çapmağa sən ki, gözəl saatlarını həsr edəcəksən nitqlər söyləməyə, sən ki, qiymətli fürsəti fötə verib uzun-uzadı mübarizələrdə bulunacaqsan, pəs onda on yeddi rükət yomiyyə namazını kim qılacaq? Pəs rəməzanəl-mübarək ayının min rükət nafilə namazını kim qılacaq, pəs bistyekküm, nüzdəhhum bistseyyum gecələrinin altı yüz otuz altı rükət namazını bir gecədə kim qılıb qurtaracaq, pəs şair min-min rükət sünnəti namazları kim qılıb qurtaracaq? Əfsus, genə əfsus? Dünən bir dünyagörmüş adamdan bu işləri məsələ elədim. Dedim: – And verirəm səni o Allaha ki, hətta bir para firqəvilər də onun varlığına etiqad edirlər, bir məni başa sal görüm, bu nə qiyamətdir? Və bu kəndli qadınları nə səbəbə məscidi və mənbəri buraxıb bu məşqlərə düşüblər? Dünya görmuş adam sağ əlini qoydu sol çiynimə və bir dərin ah çəkib dedi: – Əzizim, əgər mənim sözümə qailligin olacaqsa – deyim. Dedim: –De. Dünyagörmüş adam mənə belə dedi: – Əbəsdir. Soruşdum: – Nə əbəsdir? Dedi: – Sənin təlaşın. Dedim: – Bir azca açıq söylə. Dünyagörmüş adam (özü də iman əhlinə oxşuyurdu) genə bir dərin ah çəkib dedi: – Sən ki, xahiş edirsən mən bir az açıq söylüyüm, mən, bir az yox, lap da açıq söyliyəcəyəm, ancaq mənim açıq sözüm tək iki kəlmədən ibarətdir. O iki kəlmə – Oktyabr inqilabıdır. * * * Ucuzluq Naxçıvan şəhərindən bir nəfər yetim oğlan gəldi mənim yanıma və məndən iltimas elədi ki, Bakının flan texnikum məktəbinin müdiri flan… dan iltimas edim ki, onu yetim olmaq cəhətindən texnikum məktəbinə götürsün. Yetim çox xoşuma gəldi: on beş yaşında həmin oğlan dilənib dolanmaqla Naxçıvanın darülmüəlliminini bitirmişdi. Sabahısı geyinib getdim texnikuma və müdir flanı orada dəftərxanada tapdım. Girdim içəri. Xoş-beş… Və müdir flan ayağa durdu və bir əlini yox, iki əlini də mənə tərəf uzatdı. Mən başladım ərz eləməyə ki, Naxçıvandan gələn yetimi, əlbəttə gərək məktəbə qəbul edəsən. Müdir mənə bu barədə bir cavab verməyib, spiçkanı alışdırdı və papirosunu tüstüləyib soruşdu ki, mən bu yayı hansı yaylaqda idim. Mən cavab verdim ki, Barjom yaylağında idim. Müdir də öz tərəfindən mənə söylədi ki, o da mədən sularının “Dəmirsu” yaylağında idi ki, rusca “Jeleznovodsk” deyirdilər. Mən dedim: – Çox əcəb. Və çünki buradan bir qeyri yerə də gedəcəkdim, onunçun da yoldaşdan yetim barəsində bir nəticə almaq istədim. Mənim bu sualımın cavabında da müdir yoldaş məndən Barjomun bahalıq və ucuzluğunu soruşdu. Mən dedim ki, Barjom bu il bahalıq idi. Mən bunu deyəndən sonra müdir yoldaş sağ əlindəki qələmi və sol əlindəki papirosu da qoydu mürəkkəb dəstgahının karandaşının üstünə və mənə dedi: – Sənin canın üçün, bu il Jeleznovodskidə yemək şeyləri lap müftə idi: məsələn, nə ağlın kəsir, qoyun ətini neçəyə alırdıq? Girvənkəsini iyirmi iki qəpiyə. Özü də necə ət? Qaraçay qoyununun əti adnandır; odun üstə qoyan kimi, çək ye. Elə lətifdir ki!.. Burada məndən də savayı çoxluca cavan bizi əhatə etmişdilər. Bunlar müdiri gözləyirdilər ki, bundan dərdlərinə bir dərman ala bilsinlər. Onların da dərdi bizimki kimi həmin texnikuma daxil olmaq idi. Mən istədim duram ayağa. Müdir mənim hazırlaşmağımı gördüsə də, genə yetimin qəbulu barəsində bir söz danışmadı; ancaq Dəmirsu yaylağının ərzağının ucuzluğundan rəvayət etməkdə idi. O dedi ki: – Ağ-appaq çörəyi nə qədər istəyirsən al. Girvənkəsi yeddi qəpiyə satırdılar. Südün vedrəsi elə gün olurdu ki, iki şahıya satılırdı. İnək yağı yarım manat idi. Yumurtanın biri dörd qəpik idi. Naxçıvandan gələn yetim bir az kənarda, əlləri dalında, divara dayanmışdı və qulaq asırdı. Qeyri uşaqlardan müdirin söhbətinə qulaq asan da var idi, asmayan da vardı. Ancaq söz yox ki, bunların tək bircə fikir-xəyalı texnikuma qəbul olacaqları, ya olmayacaqları məsələsi idi. * * * Mən ayağa qalxdım və müdir flandan bunu bilmək istədim ki, yetimin barəsində onun fikri nədir və iltimasımız müdir tərəfindən qəbul olunur, ya yox. Burada müdir də mənim kimi ayaq üstə qalxdı və xudahafiz əlini mənə uzatdı və genə yaylağın ucuzluğuna qayıtdı. – Elə olurdu ki, gedirdik səyahətə və on-on beş adam xərc qoyurduq. Haman gün xərcimiz iki-üç manatdan artıq olmurdu; adam başına yarım manat ancaq düşürdü. Bir gün gətiricidən on iki girvəngə, bir baş pendirə ancaq bir manat otuz qəpik verdim. Elə gün olurdu ki, ətraf kənddən gələn südü alan olmurdu. Sənin canın üçün dəxi geri aparmaq istəmirdilər, südü yerə calayırdılar. Çöl qapıdan mən çıxanda müdir yoldaş məni daldan çağırdı. Yazıq yetim sevindi ki, bəlkə müdir insafa gələ və texnikumdan da bir söz deyə; müdir genə belə dedi: – Yumurtanı tək-tək alanda biri üç qəpik idi. On-on alanda, onu iyirmi beş qəpik idi. Amma sənin canın üçün, bir dəfə yüz yumurtaya məhz ikicə manat verdim. Kor-peşman çıxdıq küçəyə. Sonra bilmədim ki, dəxi yetimim hara getdi və başına nə iş gəldi. * * * Proletar şairi Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır. Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi. Bu ikincisini əlbəttə mən proletar şairi zənn edib, əvvəl qabaq onun yanına getdim, salam verdim və gəlməyinin səbəbini soruşdum. Proletar şairi zənn etdiyim bu adam fağır-fağır ayaq üstə dura-dura və utana-utana mənə başladı öz dərdlərini nağıl eləməyə. Belə ki, onu Şura hökuməti öz kəndindən Şamaxıya köçürüb, orada həmişəlik yaşamağa məhkum edibdir. Bu adam belə danışdıqca mənim xəyalıma gəlirdi ki, həmin bu proletar şairi yəqin ki, öz namünasib yazıları ilə yerli hökuməti narazı salıb və bu səbəbdən vətənindən təbid olunmağına özü bais olubdur. Onunçun da mən ondan soruşub bilmək istədim ki, onun hansı bir əsəri hökumətin ondan bu dərəcə narazılığına səbəb olubdur. Burada mən proletar şairi zənn etdiyim utancaq və fəqir qonağım genə oturmaq istəməyə-istəməyə və utana-utana cavab verdi ki, o, nə şairdir, nə yazıçıdır; ancaq yerli hökumət onu, – necə ki, bir xanzadəni və sabiqdə mülkədarı, – vətənindən uzaqlaşdırmağa qərar çıxarıbdır. Burada mən dayandım və kənarda oturan və bizim danışığımıza qulaq verən centlmenə diqqət edəndən sonra bir azca şübhələnməyə başladım və qonaqların ikisinə də birlikdə bu sualı verdim. – Bağışlayınız, proletar şairi hansınızsınız? Cavab centlmendən gəldi: – Bəndənizdir. Həmin hekayə iki qismətdən ibarətdir: biri bu idi ki, mən indi nağıl elədim. O biri qisməti mənim həmin iki nəfər şəxslərlə qalan danışıqlarımızdan ibarətdir. Mənim hekayəmin ən maraqlı hissəsi elə bu yerə kimi idi ki, ərz olundu. Qalan söhbətlərimizin o qədər əhəmiyyəti yoxdur. 22 fevral 1929-cu il * * * İki qardaş Gürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər. Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi. Camaatın içində bir neçə gürcü yoldaşlardan xəbər tutub bildim ki, bunlar iki qardaş imişlər. Biri bir az uzaq səfərə gedir, o biri qardaşını yola salır. Hələ gedən maşının qışqırığı çox uzaqdan gəlirdi. Amma yola salan qardaş elə durub qabağa baxmaqda idi. Bir qardaş o biri qardaşı beləliklə yola salırdı. Maşın gedəndən sonra vağzal birdən seyrəldi. Camaat birdən dağıldı hərə öz evinə və işinə. Vağzalın qabağı bir az əvvəl burada duran qatardan boşalandan sonra, Kür çayının kənarında cərgə ilə bitən uca ərər ağacları gəldi durdu gözümün qabağında. Havada bir az nəsim var idi və onunçun da bu ağacların başları gah sağa tərəf əyilirdi, gah sola tərəf. Amma elə də olurdu: birinin başı sağa tərəf əyiləndə ortalığa bir ayrısı daxil olub o biri ağacı sol tərəfə əyirdi. Belə olanda, iki ağacın başları gah bir-birindən uzaqlaşırdı, gah bir-birinə yavıqlaşırdı. O vədə mən burada bir qərib qoca kişini, belə xəyalat alırdı ki, bəlkə bu ərər ağacları da insanlar kimi hiss sahibidirlər. Bəlkə bunlar da indi burada bayaqkı iki qardaş kimi öpüşürlər!.. Ağacların öpüşməyi ilə iki qardaşın öpüşməyi arasında bir böyük təfavüt var. Təfavüt budur ki, buradakı ərərləri bir-birilə yavıqlaşdıran kənardan gələn yellərdir, amma qardaşları öpüşdürən qardaş məhəbbətidir. Burada mən qəmgin oldum. Nə səbəbə qəmgin oldum, bunu daha söyləmək istəmirəm. * * * Şəhər və kənd Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm. Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar. Bu xəbərdarlığı mən haman, evimizə övrətimin yanına gələn bir neçə qonşu övrətlərə edirəm. Əhvalat belədir: övrətim Dilbər Ağdaşdan buraya gələndən sonra lap dəyişilib. Orada sadəcə dolanırdı və ev-eşik işlərinə, uşaqlara başı qarışıb, qeyri fikrə düşməzdi və camaatla və gəzib dolanmaqla heç işi olmazdı. Dünən birdən-birə mənə belə dedi: – Bu Bakı nə gözəl şəhər imiş. Dünən Ürbabə bacı ilə gedirdik Hacı İmamqulugilə. Nə gözəl dükanlar gördük. Və hamısından artıq mənim xoşuma gələn bəzək dükanıdı. Yaman şeylər orada satırlar. Və başladı bir-bir sadalamağa: qızıl üzüklər, daş-qaşlar, qızıl saatlar, bilərziklər, sırğalar, gərdən-bəndlər, mərcanlar, zümrüdlər, mirvarilər, flan və flan. Bizim Dilbərin savadı yoxdur, onunçun da bu xəbərdarlığı oxumayacaq. Və onun çarşovlu rəfiqələrinin də savadı yoxdur və onlar da bu xəbərdarlıqdan xəbərdar olmayacaqlar. Odur ki, mən üzümü tuturam bizim evə tərəddüd edən övrətlərin savadlı ərlərinə və qardaşlarına və onlardan iltimas edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər. Əvvəla: mənim övrətimin rəfiqələrinə yetirsinlər ki, o kəslər ki, bizim evə ayaq basırlar və övrətim Dilbərlə dostluq qatırlar, onlar həmişə bizim evə xoş gəlir, səfa gətirirlər və mənim gözümün üstə yerləri var. İkinci: bizim evə təşrif gətirən övrətlərdən iltimas edirəm həmişə övrətim Dilbərlə şəhəri gəzmək istəyəndə, qızıl bazara tərəf və cəvahirat satılan dükanlara tərəf mənim övrətimi aparmasınlar. Səbəb də budur ki, mən sabun zavodunda işləyirəm, ayda yetmiş iki manat məvacib alıram. Özümüz də altı baş külfətik. Qızıl və cəvahirat kooperativ mağazasından söhbət düşəndə övrətim Dilbəri inandırsınlar ki, bu mağaza fəhlə-fühlə arvadları üçün yox, incinar və böyük qulluqda olan əşxasın arvadlarından ötrü açılıbdır. Dünən övrətimi tramvaya mindirib, bir dostumun evinə qonaq aparırdım. Tramvayda dörd nəfər bəzəkli qadın gördük. Birinin döşündə qızıl zəncirli saat var idi, birinin döşündə sapa düzülmüş kəhrəba dənələri və birinin qulağından minalı qızıl sırğalar asılırdı; birinin barmaqlarının üstündə üzüklər parıldayırdı. Mən çöndüm Dilbərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi. Övrətim mənə tərəf dərdli-dərdli baxıb bircə bunu dedi: – Yəqin bunlar hamısı incinar arvadlarıdı. – Dedim: – Əlbət. Bu gün övrətdən bixəbər ərizə verdim mənim Ağdaş qulluğumu özümə qaytarsınlar. Səbəb? Orada, doğrudur, qızdırma var, amma qızıl dükanları yoxdur. Qızdırmadan bədənim narahat olur, amma qızıl dükanlarından ruhum rahatsız olur. Qoy bədənim narahat olsun, amma qəlbim inciməsin. * * * İki alma Axşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım. Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin. * * * Bir qədər dolandıq, sonra yolumuz dərya kənarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çünki tərbiyə öz qaydasınca, uşağın öz təbiəti — bu da öz qaydasınca. Və onunçun da çox da inad etməmək babətindən dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahıya iki dənə yaxşı qırmızı alma aldım və ikisini də verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı. Amma gördüm ki, könülsüz aldı. Mən ondan bidamağlığının səbəbini soruşmadım; çünki səbəbi aşkar idi. Bazarda bir az bundan qabaq o məndən iki şey istədi, heç birini almadım; bir Carco qovunu istədi — almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına düzülmüş rəngarəng konfet və şirniyyatdan istədi — almadım. Oğlum o dərəcədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da genə bir söz danışmaq istəmədi və mən ona verdiyim suallara da çox meyilsiz cavab verirdi. Dəxi onu belə qaşqabaqlı görəndə mən özüm də bidamağ oldum və Azərneft idarəsinin qabağında duran tramvay vaqonlarının birinə oğlumu qalxızdım və özüm də mindim ki, gələk evimizə. Vaqonda hələ bizim ikimizdən başqa heç kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içində, üz-gözü qap-qara, çirkli və iyrənc, gəldi durdu qabağımızda və məndən bir qəpik pul istədi. Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin. Bir neçə minik arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi yetimə pul verməməyimə və dilənçiyə pul vermək lazımdı, ya lazım deyilmi məsələsi məni başladı məşğul etməyə; hər kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Buradan ona işarə etmirəm ki, mən heç bir dilənçiyə yox demərəm; çünki ola bilər ki, bir para filosofların dilənçiyə pul vermək, onu bədbəxt etmək sifəti bəlkə mənə də sirayət edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi uşaq yaşda mənim atalı və analı olduğum, əyni-başı təzə, qarnı tox, bu saat buraya mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım. Vaqonumuz hərəkət edib gedəndə akoşkanın şüşəsinin dalından gördüm ki, haman dilənçi uşaq yerdə durub, bir qırmızı almanı ağzına basıb gəmirtləyir. Qabaqca bir şey duymadım, amma haman dəqiqə yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə mənə yavaşca bunu dedi: "Dədə, almanın birini verdim dilənçi uşağa." Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi. Filosofiya aləminə gəldikdə, qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər-düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim bir balaca oğlum iki almasını birisini bir yetim uşağa verdi. Və ola bilər ki, oğlum da yekələndən sonra, bir para alimlərin "küçədə dilənçiyə ianə verməyiniz" nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki, indi oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağa verir. * * * Sarı Bir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama. Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi. * * * Nömrə bileti aldım və girdim nömrəyə və xahiş elədim ki, on beş dəqiqədən sonra mənim yanıma bir nəfər kisəçi göndərsinlər. Qabaqkı qaranlıq evdə soyundum, girdim içəri. İki krandan su şırıltı ilə tökülürdü hovuza; birindən isti su, o birindən soyuq su gəlirdi. Küncdə bir taxt qoyulmuşdu. Taxtın üstündə iki dənə su vedrəsi var idi. Hamam xeyli isti idi. Bir neçə dəqiqə isti suda qaldım və vaxtında da kisəçi özünü yetirdi. Əlbəttə ki, kisəni və sabun torbasını atdı taxtın üstə, su vedrələrinin hərəsini aldı bir əlinə, hovuzdan doldurdu, tökdü taxtın üstə və üzünü çöndərdi mənə tərəf. Mən başa düşdüm ki, gərək gedəm orada uzanam. Və elə də eləlım. Bu kişi otuz-otuz beş yaşında qaraşın alçaqca bir adam idi. Belə məlum olur ki, bu adam hamama girəndə mənim nə millət olduğumu bilmədi; onunçun da salam vermədi. Amma özü müsəlmana oxşayırdı və həqiqətdə də müsəlman imiş. Bu başladı mənim canımı ovmağa, sonra da kisələməyə. İnsanın canı rahatlanmağa başlayanda, həmişə adam bir kəs ilə söhbət eləməyə mayil olur; amma birdən-birə bilmədim bu kişi ilə nə danışım; bu da bir söz deməyib öz işinə məşğul idi. Bizim hər ikimizin əvəzindən danışan kranlardan tökülən su idi ki, hamamın ağ gəclə malalanmış divarlarına və səqfinə elə bir səs salmışdı ki, özgə bir danışığa macal vermək istəmirdi. Bədənimi kisələyib üstümə bir neçə dəfə isti su tökəndən sonra bu kişi başladı başımı sabunlamağa və sabun torbasını püfləyə-püfləyə mənim üstümə o qədər sabun köpüyü çaladı ki, bu dəqiqə hamamda məni axtaran olsaydı, yəqin ki, tapa bilməzdi. Kişi yumuşaq əlləri ilə sabunlu canımı sığallamaqda idi ki, mən bundan soruşdum: – Adın nədi? – Kişi mənə cavab verdi: – Sarı. Mən dinmədim, amma bu adı nədənsə gözləməzdim. Doğrudur, demək olmaz ki, müsəlmanda Sarı ad ola bilməz; amma söz buradadır ki, Sarı erməni adı da ola bilərdi. Amma çünki hamam camadarlarını və qulluqçularını müsəlman görmüşdüm, özləri də hamısı iranlıdırlar, onun üçün də gözləyə bilərdim ki, mənə indi qulluq edən hələ bəlkə kəblayı və məşədi də ola. Belə fikirləri eləyəndən sonra bir də soruşdum: – Pəs əsil adın nədi? – Kişi yenə qısaca cavab verdi: “Sarı” və su vedrəsini yenə apardı doldurdu, gətirdi tökdü üstümə və öz işinə məşğul oldu. Mən yenə üzümü kişiyə tutub dedim: – Qardaş, bəlkə sən zarafat eləyirsən, mən axı Sarı ad eşitməmişəm. Kişi bu dəfə yenə qəti cavab verdi ki, “Sarı”dı. Mən yenə dinmədim. Kişi başladı əllərimi yumağa: sağ əlimi yudu, sol əlimi yudu və getdi yenə su gətirdi. Mən gözüyumulu çanaqdakı sudan ovcumla götürüb, gözlərimin sabununu təmizcə yudum və gözlərimi açdım, başladım diqqətlə kişiyə baxmağa. Xeyr, müsəlman olmağına, yəqin ki, müsəlmandı; amma iranlı ya qeyri iranlı olduğuna şübhəli qaldım. Kişi sabunlu canıma yumşaq sabun torbasını kisə əvəzinə bir qədər də sürtüb və üstümə bir neçə qab isti su calayıb, öz vəzifəsini qurtardı, getdi kranların ikisini də burdu, suyu kəsdi, çünki hovuzdan daşırdı. Və əl ilə işarə elədi ki, durum girim hovuza. Çünki kranlardan gələn suyun səsi kəsildi, hamamda elə bir sükunət vaqe oldu ki, qulaqlarım başladı cingildəməyə. Mən qalxdım, oturdum taxtın üstə və üzümü tutdum kisəçiyə: – Qardaş, mən hovuza girməyəcəyəm. Səndən mən yerdən-göyə kimi razı oldum. Amma and verirəm səni Həzrət Abbasa, bir məni başa sal görüm sənin adın nədi? Kişi mənə belə cavab verdi: – Nökərin Məşədi Əhməd. – Dedim: – Necə Məşədi Əhməd? Pəs sən deyirdin Sarı? – Xeyr, ağa, adım Məşədi Əhməddi, özüm də saraylıyam. Mən elə bildim sən sabun soruşursan. Mən elə bildim, sənin xəyalına gəlir ki, bu torbanın içindəki ucuz paltar sabunudu. Xeyr, ağa, əsl sarı sabundu, bir abbasılıq sabundu. Yoxsa siz tək ağaların canına mən ucuz sabun vurmaram. Arxayın ol, Allah səni salamat eləsin. Bu sözləri deyə-deyə Məşədi Əhməd vedrələrin ikisini də doldurdu, gətirdi caladı üstümə, çıxdı qabaqkı evdən ağ qətifə gətirdi, tutdu qabağıma. Çıxdım. Qurulandım. Geyindim. Məşədi Əhmədə zəhmət haqqı verdim və hamamdan çıxdım. Ondan sonra dəxi o hamama yolum düşmədi. * * * Zəlzələ Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı yadımdan çıxıbdır, ancaq həmişə zəlzələ söhbəti düşəndə, bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə ayın-şayın gəlib durur gözümün qabağında və yazı yazdığım yerdə qələmi, yainki çörək yediyim yerdə tikəmi gərək qoyam yerə və huş-guşumu verəm keçmiş günlərə və çox bir dəqiqələri qara xülyalara qərq olam. Zəlzələdən dağılan Badamlı qəsəbəsi idi. Doğrudur, Badamlı ilə bizim fasiləmiz uzaq idi, amma orada üz verən müsibət o dərəcə ağır idi ki, mən və bir nəfər də yoldaşım araba qoşdurduq və Sarvanlar meşəsindən keçdik, kəsə yol ilə axşam vaxtı yetişdik Badamlıya. Orada müəllim Mirzə Əliquludan savayı bir kəsi tanımırdıq və arabanı qəsəbənin içinə sürüb Mirzə Əliqulunu soraqlaşdıq. Məlum oldu ki, məktəb binasının bir tərəfi zəlzələdən uçub və Mirzə Əliqulu oradan özgə yerə köçübdür. Axşam yavıqlaşırdı. Bəzi uçmuş evlərdən ağlaşma səsi gəlirdi, bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. Bunların bəzisi ağlaya-ağlaya daşların altında oğul-uşaqlarını axtarırdılar. Biz tamamən donduq və bilmədik nə eləyək. Hava qaranlıqlayırdı. Dedilər ki, müəllim Mirzə Əliqulu övrətini və iki uşağını götürüb, Bahadır yüzbaşının evinə köçübdür. Arabanı sürdük o tərəfə. Yüzbaşının evində nə Mirzə Əliqulunu tapdıq, nə Bahadır yüzbaşının özünü. Bir-iki balaca uşaq küçə qapısının ağzında durub ağlaşırdılar. Arabaçı küçənin ortasında atları açdı, bağladı arabanın dalına və qabaqlarına saman tökdü. Biz bilmədik nə eləyək. Və müəllimin harada olduğunu bir kəs bizə deyə bilmədi. Bir-iki kəndli gəldi yanımıza və bizim kim olduğumuzu və haradan gəldiyimizi soruşdu; biz də özümüzü nişan verdik. Bahadır yüzbaşının məhəlləsində iki ev uçmuşdu. Birinin divarının kərpicləri ağnıyıb tökülmüşdü biz durduğumuz yerə tərəf. Haman həyətə tərəf getdik və gördük ki, müəllim Mirzə Əliqulu da buradadır. Həyətin bir tərəfində bir dəstə övrət yığıncağı var idi; məlum oldu ki, burada iki adam şikəst olubdur. Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir: xah can tələfatı, xah mal zərəri. Bahadır yüzbaşı bir-iki ağsaqqal ilə birlikdə və yüzbaşının yasavulları küçələri dolaşırdılar və zərərdidələri yoxlamaqda idilər. Camaatın əhvalı xeyli pərişan idi. Küçə uzunu adamlar hey o yana qaçırdı, hey bu yana qaçırdı; çoxlarını da ağlayan görürdük. * * * Mirzə Əliqulu bizi apardı Bahadır yüzbaşının evinə. Mən, yoldaşım Teymur Mirzə və müəllim Mirzə Əliqulu bir qaranlıq çovustana daxil olduq. Zəlzələnin qorxusundan yüzbaşının otaqlarına girib çıxan yox idi. Və bizi də ehtiyat babətindən otağa aparmadılar. Bizim dalımızca Bahadır yüzbaşının balaca oğlu gətirdi ortalığa bir balaca lampa qoydu. Biz oturduq yerə, təzə döşənmiş təzə gəbələrin üstündə. Lampa gətirən uşaq getdi və qayıdıb əlində bir süfrə gətirdi açdı yerə və onun dalınca bir kəndli oğlan əlində qatıq-çörək gətirib qoydu ortalığa. Uşaqda və oğlanda çəkilib ədəblə durdular kənarda. Mən nə aclığımı bilmirdim, nə susuzluğumu. Yoldaşlarımdan çörəyə əl uzadan olmadı. Bir dəfə müəllim Mirzə Əliqulu bizə təklif elədi ki, yoldan gəlmişik, bir tikə çörək götürək. Mən və Teymur Mirzə dinmədik. Bir az keçəndən sonra qatıq gətirən oğlan bir yekə qaynar samavar gətirdi qoydu qapının yanında, quru yerə. Samavar elə şiddətlə qaynayırdı ki, guya buğ maşını kimi bu saat hərəkət edəcək. Stəkan-nəlbəki gələndən sonra Bahadır yüzbaşının balaca oğlu öz əli ilə başladı bizə çay tökməyə. Hərəmiz bir stəkan çay içəndən sonra bir qədər hala gəldik; hətta yoldaşım Teymur Mirzə yazdığı əşarından bir neçəsini bizə oxudu. Mirzə Əliqulu müəllim o şeirləri çox bəyəndi və hətta bir neçəsini aldı ki, məktəbində şagirdlərə öyrətsin. Teymur Mirzənin xahişinə görə Mirzə Əliqulu da öz mənzum əsərlərindən bir neçəsini oxudu və növbət mənə də gəldi və mənim hekayələrimin də bir neçəsinin adını çəkdilər. Axırda mən onların şairlik təbini təsdiq etdim, onlar da məni hekayə yazmaqda mahir qələmə verdilər. Demək, beləliklə hər üçümüz əvəzə bədəl olduq. Bir-iki stəkan çaydan sonra, çörəyə də əl uzatdıq və burada Bahadır yüzbaşı özü də gəldi və bizə “xoş gəlmisiniz” söylədi. Biz yüzbaşının iltifatlarına təşəkkür etdik, zəlzələ barəsində təəssüf büruzə verdik və zəlzələnin nəticəsindən əhvalpürsan olduq və bunu əlavə etdik ki, bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. Bahadır yüzbaşı dedi ki, burada indi bizim üçün bir kömək etmək yeri qalmır; çünki indi camaat dam-daşın altında qalan adamları və heyvanları söküb çıxartmağa məşğuldur. Bu da ki, əli belli və kürəkli fəhlə-fühlə işidir. Mən Bahadır yüzbaşının bu sözünə cavab tapa bilmədim; yoldaşlarım da dinmədilər. Bu heyndə oturduğum yerdə az qaldı ki, başım gicəllənsin; bilmədim hansı tərəfdən elə bir xırıltı səsi gəldi ki, mən az qaldım bihuş olam. Yanımızdakı Bahadır yüzbaşı qaçdı çölə. Məlum oldu ki, yenə zəlzələ oldu və genə dam-daş uçmağa başladı. Həyətdə qışqırıq qopdu; amma qaranlıqda bir şey görsənmirdi. Dedilər ki, Bahadır yüzbaşının anbarının divarı uçub və altında adam qalıb. Bir-iki əli çıraqlının dalıyca biz də o tərəfə getdik və gördüm ki, üç nəfər kəndli uçmuş divarın daşlarını və torpaqlarını sökürlər. Bu adamların ancaq birini tanıdım. Bu haman bizə samavar gətirən oğlan idi ki, Bahadır yüzbaşının rəncbəridir. Adamlar çox tələsik işləməkdə idilər; çünki Bahadır yüzbaşının çörək bişirəni Pəri arvad körpə uşağı ilə həmin uçuğun altında qalmışdılar. Biz üçümüz də ortalığa yeridik və istədik daşlardan-kəsəklərdən bəqədri-imkan götürüb tullayaq kənara: çünki daha dayanmaq mümkün deyildi. Daşların altının qaranlıq deşiklərindən arvad səsi gəlirdi: – Ay aman! Öldüm!.. * * * Boynuma alıram ki, burada mən özümü lap gücsüz və zəif gördüm və hər halda dam-daş altında qalan insanları söküb çıxartmaq işində özümü mat və məəttəl hiss etdim; belə ki, daşların birini kənara atandan sonra, ikincisinə dəxi gücüm çatmadı və xah ruhumu, xah bədənimi elə bir yorğun gördüm ki, axşamın sərinliyinə baxmayaraq, tərləməyə başladım. Yoldaşım Teymur Mirzə də deyəsən mənim günümdə idi. Amma müəllim Mirzə Əliqulu nisbətən bir qədər “vec” verdi, çünki biz ikimiz mat-mat baxanda o hələ işləməkdə idi. Ancaq Bahadır yüzbaşı üçümüzü də bu zəhmətdən qurtardı və “üstünüzü toz-torpağa batırmayın” deyə-deyə yüzbaşı bizi göndərdi çovustana və mən boynuma alıram ki, nə qəlbən və nə zahirdə ona bu barədə etiraz etmədim; yoldaşlarım da habelə. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. Haman saat qəsəbənin yerli həkimi dəllək Əbdürrəhimi çağırdılar. Arvadın qılçasını nə tövr bacarırdı, – arvadların əli ilə bağladı. * * * Çovustanda bizə yer saldılar. Qorxa-qorxa girdim yerə və “pənah Allaha” deyib gözlərimi yumdum. Pəri arvadın uşağı bütün gecəni ağladı və bütün gecə mən onun ağlamağına qulaq verdim. Əhvalım elə pozğun idi ki, yuxu-zad məndən çox uzaq idi. Bir az huşlandım və gördüm ki, mən bir balaca uşağam və şəhərimizin qəbiristanında ölü dəfn eləyirlər. Axundumuz Hacı Molla İsmayıl meyit namazı qılır. Bir qədər axundun avazına qulaq verəndən sonra yavaş-yavaş yuxudan ayılmağa başladım və uşağın ağlamağı ilə azan səsi eşitdim. Ağlayan uşaq haman şikəst arvadın uşağı idi. Badamlı qəsəbəsinin müəzzini də çox həzin səslə oxuyurdu: həyyə ələlfəlah, həyyə əlaxeyrül əməl… Ancaq burada bircə şeyə təəccüb elədim: o şiddətlə ki, uşaq ağlayırdı, bir yandan, bir kəsdən buna sakitedici bir cavab yox idi; guya uşağın nə anası var, nə qeyri bir kəs. Hava başlayırdı işıqlanmağa. Durdum ayağa və tək bircə pilləni yendim həyətə. Uzaqda divarın dibində bir boz it yatmışdı. Uşaq hey ağlamaqda idi. O tərəfə üz qoydum yavaş-yavaş getməyə. Küçədə bir-iki kişi səsi gəlirdi. Yavıqlaşdım və bildim ki, ağlayan uşaq həyətin sağ tərəfində bir daxmadadır. Bir az da yavıq gəldim və elə bil hal gözümə sataşdı ki, burada dik atıldım. Bir övrət xeylağı başıaçıq, hövlnak oradan qaçdı həyətə. Bu övrətin ağzından mən ancaq bunu eşitdim: – Vay, yazıq uşaq! Özümü saxlaşdırmadım və başımı uzatdım damxananın içinə və burada bir belə dəhşətli və nifrətli şey gördüm: bir balaca uşaq bir övrətin döşlərini ağlaya-ağlaya söküşdürür, övrət də gözlərini göyə tərəf dikib baxmaqdadır. Haman dəqiqə duydum ki, övrət cansızdır. Oradaca qayıtdım çovustana; ancaq elə sürətlə qayıtdım ki, bilsə idim baxan yoxdur, uşaq kimi qaçardım. O vaxtdan on yeddi il keçir və həmişə gecə vaxtı bir uşaq ağlamağını eşidəndə Badamlı zəlzələsi yadıma düşür. Və həmişə bir yanda zəlzələ söhbəti qulağıma çatanda öz-özümə deyirəm: “Ax, yazıq uşaqlar!”. * * * Qoşa balınc Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya. Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalına alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalına düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum: – Bizi hara aparırsan? Hambal dedi ki, bizi mehmanxanaya aparır. Dinmədim. Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. Burada boş mənzil olmadı. Hambal üz tutdu genə qabağa getməyə və haman küçədə bir qeyri mehmanxanadan mənzil soruşdu və cavab aldı ki, burada da təmirat gedir. Bunu da görəndən sonra hambal bir qədər fikir elədi. Alnının tərini dəsmalı ilə siləndən sonra şeylərimizi aldı əlinə və çöndü sol tərəfdə bir küçəyə və yavıq evlərin birinin həyətinə girdi və çöndü bizə və dedi: – Gəlin. Biz də girdik həyətə. Hambal dalana daxil oldu, girdi bir otağa və qapıdan başını dala çöndərib bizə dedi: – Buyurun, buyurun. Biz də girdik. Amma bura dəxi mehmanxanaya oxşamırdı. Bura arvadlı-uşaqlı xüsusi evə oxşayırdı. Erməni uşağına oxşayan on iki – on dörd yaşında bir oğlan haman evdən çıxdı və bizə dedi: – Buyurun. Bu uşaq erməni uşağı imiş və ev də erməni evi imiş; ailə də erməni ailəsi idi. Bizi qabaq otaqdan keçirdilər və ikinci otağa apardılar. Burada üç dənə krovat qoyulmuşdu və hərəsinin üstündə səliqəli yatacaq salınmışdı. Hərəsinin üstündə təmiz nazbalış, təmiz yay yorğanı. Ortalıqda yekə stol qoyulmuşdu. Stol məxmər örtüklə örtülmüşdü, üstündə səliqəli yazı şeyləri var idi. İki şüşəli mürəkkəb qabı, qələmlər, şamdanlar, səliqəli gül qabları, şüşə bardaq… Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. Küncdə, divardan üz yuyan asılı idi, yanında sabunu və üz dəsmalı. Hambal şeyləri yerə qoydu və üzünü mənə tutub dedi: – Çox yaxşı. Burdan yaxşı yer yoxdur. Bu ona işarə idi ki, mən onun zəhmət haqqını çıxardım verim. Əlbəttə belədir. Və lakin mən bilmədim nə eliyim? Bura mehmanxanaya oxşamırdı və doğrudan da mehmanxana deyildi; onunçun da hambalı yola salmaqdan qabaq mən bu məsələni özüm üçün gərək həll edə idim ki, arxayın ola idim. Söylədiyim oğlan uşağından savayı burada iki övrət xeylağı da var idi. Bunların biri xeyli qoca idi; beli iki bükülmüşdü, özü də kənarda öz-özünə qurtdanırdı. Amma biri ona nisbətən cavan idi; bunun qırx beş, bəlkə də bir az artıq yaşı olardı. Mən əlimi uzatdım cibimə, pul qabını çıxartdım ki, hambal məni haqq-hesaba ağır hesab etməsin; amma bunu da bərayi-ehtiyat lazım bildim ondan soruşam ki, bura haradır, məgər bura mehmanxanadır? Mənim bu sualıma iki, bəlkə üç tərəfdən haman saat “bəli, bəli” eşitdim. “Bəli-bəli” deyənlərin biri hambal idi, biri oğlan idi, biri də qırx beş-əlli yaşı olan erməni arvadı idi. Məlum oldu ki, bu ev Petrosyan familli bir erməninin evidir. Evin kişisi bir neçə il bundan qabaq ölmüşmüş. Ailəsi də kasıb düşüb, iki otağın qabaqkısında özləri sığışır, ikincisini səliqəyə salıb kirayə verirlər. Ay ilə, il ilə qalanlara ayı iyirmi manata verirlər, amma iki-üç gün qalıb gedənə hər gecə-gündüzünü bir manata verirlər; istər iki adam olsun, istəp üç adam olsun, istər bir adam olsun. Hər samavara da iyirmi beş qəpik alırlar; çünki Zaqatalada kömür bir az bahadır. Evi süpürüb yığışdırmaq da ev sahibinin borcudur. Mən batinən çox məmnun qaldım və hətta hambala haqqından savayı bir abbası da artıq verdim. Bu da dua edə-edə getdi. Razı olmağıma səbəb bu idi ki, əlbəttə mənzilin və sahib-mənzilin zahiri səliqəsi batinə də müvafiq gəlsə, çox gözəl. Bir surətdə ki, mən qızımı darülmüəllimata daxil edən kimi Zaqatalada bir gün də artıq qalan deyiləm və mənzilin qiyməti də ki, ibarət ola gecəsi bir manatdan, – bu o qədər az puldur ki, burada bir artıq danışıq ola bilməz. * * * Mən şeyləri açdım, sabun və dəsmallarımızı çıxartdım. Mən də və qızım da əl-üzümüzü yuduq, toz-torpağımızı təmizlədik. Və bu heyndə stolun üstünə bir padnosda iki stəkan səliqəli çay qoyuldu. Çayı gətirən haman oğlan idi. Adını mən soruşdum, dedi adım Ohandır. Oturduq çay içməyə və evin sahibi övrət bir əlində mürəbbə, bir əlində lumu parçaları, gətirdi qoydu qabağımıza. Bu övrət haman Ohan oğlanın anası, yəni evin sahibəsi imiş. Bu qədər var ki, ev sahibinin bizə bu qədər mehribançılığı məni bir qədər rahatsız eləməyə başladı. Səbəb budur ki, mən xəyalıma gətirə bilmirdim ki, onun bu iltifatının əvəzini mən nə ilə və nə surətdə çıxa biləcəyəm. Və eyni zamanda xəyalıma gətirə bilmirdim ki, bizə bu qədər xidmət etməkdə övrət məhz mehman dostluq şəraitini əmələ gətirmək istəyir, ya bu artıq zəhmət məsarifin əvəzini məndən bir neçə qat artıq gözləyir. Övrətin bizə rəğbəti o yerə çatdı ki, gəldi qızımın yanına, onun üzündən öpdü, oturdu yanında və başladı onun stəkanına qənd və lumu salmağa və qabağına mürəbbə qoymağa. İki stəkan çay içdim, durdum ayağa. Xəyalım darülmüəllimatın yanında idi. Oradan bəxabər olmaq istəyirdim ki, imtahanlardan bir əhval biləm. Çün mən Zaqatala şəhərini birinci dəfə gördüyüm idi, onunçun da könlümdən keçirdi ki, Ohan oğlan mənə bələdçi ola. Bu fikrimi mən açan kimi qoçaq uşaq da və anası da çox xoşhal oldular ki, oğlan da mənlə çıxsın şəhərə və mənə bələdçi olsun. * * * Çıxdıq, getdik həmən darülmüəllimatı tapdıq və məlum oldu ki, mən qızı bir az tez gətirmişəm; çünki imtahanlara hələ bir neçə gün var. Amma zəmani ki, mən Bakıda vacib işlərimi yarımçıq qoyub getmişdim və Zaqatalada çox qala bilməzdim, darülmüəllimat müdirəsi razı oldu ki, mən qızımı qoyum müvəqqəti surətdə darülmüəllimatda, orada yaşayan qızlarla bir yerdə qalsın, ta imtahan verənədək. Və əgər işdi əhyana, qızım imtahan verə bilməsə, yəni darülmüəllimata daxil olmağa gücü çatmasa, o vədə möhtərəmə müdirə əhd elədi ki, elə olsa, qızı bir il birinci dərəcəli məktəbin axırıncı sinfində saxlar və orada onu gələn il darülmüəllimata daxil olmağa hazır edər. Demək, hər halda mən arxayınladım və qərar qoyduq ki, bu gecəni qızım qalsın mənim yanımda, sabahı günü o daxil olsun darülmüəllimata və mən çıxım gedim Bakıya. * * * Oradan çıxdıq və Ohanla bir-iki küçəni də dolandıq. Axşam oldu və Zaqatalanın orta, böyük və şenlikli küçəsi ilə gəzə-gəzə gəldik mənzilə. Axşamdan bir-iki saat keçirdi. İçəri girib gördüm ki, qızım krovatların birinin üstündə uzanıbdır və məlum oldu ki, yuxulayıbdır. O şey ki, mənə qəribə görsəndi, o da bu idi ki, o biri krovatın üstündə səliqə ilə yorğan-döşək salınmışdı, amma bir balınc əvəzinə qoşa iki balınc qoyulmuşdu. Guya burada bir nəfər adam yox, iki adam bir yerdə yatacaq. Mən bunu yersiz gördüm və getdim iki balıncın birini götürdüm qoydum kənara və qızımı oyatdım. Qız çətinliklə gözlərini açdı və həvəssiz durdu oturdu yatdığı krovatın üstündə. Mən haman ikinci balıncı qoydum qız yatan krovatın üstünə və getdim oturdum və başladım qəzet oxumağa. Ohanın anası ağzında yaşmaq gülümsünə-gülümsünə mənə bir stəkan çay gətirdi və sonra getdi bir özgə balınc gətirdi, qoydu qızım uzandığı krovatın üstə və haman mən qızıma verdiyim balıncı götürdü və genə gətirdi qoydu saldığı səliqəli qoşa yatacağın üstünə və elə qoydu və balıncları elə səy və səliqə ilə çırpıb tumarladı və elə səliqə ilə yerləşdirdi ki, mənə aşkar oldu ki, bu arvad bu yeri iki nəfər adam üçün sazlayır. Qızım bir qədər baxandan sonra genə yan üstə düşdü və erməni arvadı getdi qıza da bir stəkan çay gətirdi və oturdu onun yanında və başladı qulağına nəsə pıçıldamağa. Bir qədər keçəndən sonra qızımı genə şirin yuxuda gördüm. Çay da oradaca qalıb soyumaqda idi. Bir dəfə də yavıqlaşdım ki, qızı oyadım, dursun çaydan-çörəkdən yesin, sonra yerini açıb yatsın, qız genə gözlərini ovuşdura-ovuşdura durdu oturdu, genə gözlərini yumdu və eləcə paltarlı yıxıldı krovatın üstünə. Ohanın anası da gəldi istədi qızı oyada və şirin-şirin başladı qıza yalvarmağa ki, dursun çay içsin, çörək yesin. Amma qız o qədər yorulmuş imiş ki, şirin yuxunu yeyib-içməkdən vacib bildi. Axşam saat doqquz tamam oldu və iki stəkan çayla bir qədər pendir-çörək yedim və başladım soyunub yatmaq fikrinə düşməyə; amma krovatın üstünə qoyulmuş iki balınc nədənsə məni hərdənbir məşğul edirdi. Aya Ohanın anası mənim üçün hazırladığı krovatın üstə nə səbəbə bir balınc əvəzinə ikisini qoşa qoyubdur? Və bundan savayı da həmin yeri enli krovatın üstə salıbdır; yəni iki adamlıq krovatın üstə salıbdır. Məni təəccübə gətirən bir də bu idi ki, arvad hərdənbir gəlirdi, haman yeri sığallayırdı, balıncları tumarlayırdı və genə bunları qoşa, bir-birinin yanına qoyub, bir az mənə tərəf gülümsünürdü, qıza tərəf gedib, onu genə oyatmaq istəyirdi. Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur və dəxi bizim qeydimizə qalmasın və qızı da oyatmasın və zəhmət çəkib otağımıza bir stəkan su qoyub getsin, özü də rahat olsun. Bu sözləri deyəndən sonra mən getdim haman mənim yerimin üstündə olan iki balıncın birini götürdüm qoydum kənara və istədim soyunmağa hazırlaşam. Çox qəribə: eləcə bir dəqiqədən sonra, – ki mənim başım nəyəsə qarışdı, – bir də gördüm haman iki qoşa balınclar genə mənim yerimin üstündədir və erməni arvadı qapının arasında durub gülümsünə-gülümsünə, bəlkə bir qədər çəm-xəmlə də daş kimi yuxuya getmiş qızıma tərəf baxmaqdadır. Paho! Xudaya, bu arvad niyə gedib yatmır? Bir surətdə ki, mən bir qədər vaxt bundan qabaq həyətə çıxanda Ohanı da, onun qoca nənəsini də yerə girib yuxulamış gördüm?.. Bəs bu arvad niyə yatmır? Hələ yatmağını, ya yatmamağını özü bilər, bəs mənim yatacağımı niyə bərk-bərk iki balınclı qərar verir? Mən məgər bir adam deyiləm? Pəs mənim yanımda kim yatacaq və o ikinci balıncı arvad kimdən ötrü hazırlayır və məndən savayı burada dəxi kim var? Bir qızımdır ki, əvvələn ermənilərin də və biz müsəlmanların da qaydasınca qız ata ilə yatacaqda yatmaz; qızımdan da savayı burada olan bir də erməni arvadın özüdür! Özü də ki, mənlə yatmayacaq?! * * * Arvad gəldi öz otağına, amma ara qapını örtmədi. Doğrusu, mən bilmədim ki, arvadın fikri nədir. Mənim xəyalıma özgə bir şey gələ bilməzdi. Evə-eşiyə baxanda, bu ev-eşik və bu ailə özünü satan arvad evinə oxşamırdı və zahirdə arvad da fahişəyə oxşamırdı; dünyada birinci dəfə rast gəldiyi əlli səkkiz yaşında mənim kimi bir kişiyə aşiq olan arvada oxşamırdı. Pəs mənlə bu iki balınclı yorğan-döşəkdə kim yatacaq? Elə ki, arvad bir dəfə ağzı yaşmaqla qapının arasında çəm-xəmlə durub başladı həsrətlə qızıma tərəf baxmağa, onda doğrusu, mənim qəlbim qaraldı. Doğrudur, ermənilər içində yüngül arvad mən çox az görmüşəm; ancaq nə deyim, dünyada hər nə desən qabağına çıxa bilər. Ancaq, sözün doğrusu, bu növ eşqbazlığa, yəni heç bir növ eşqbazlığa mənim hər halda hazırlığım yox idi və Ohanın anası əgər əhyana mənim yanıma gəlmək də istəsə idi, bir neçə səbəbə görə mən hazırlaşırdım üzr istəməyə: əvvələn, mənim övrətim var; ikinci, dünyada birinci dəfə rast gəldiyim övrətin zahiri babat idisə də, batinindən heç xəbərdarlığım yox idi; və üçüncü də ki, mən tək əlli səkkiz yaşlı bir kişi üçün bu işlərin dəxi heç bir ləzzəti yoxdur. * * * Məni bərk yuxu basırdı; çünki yolda bərk yorulmuşdum. Bilmirəm, o cürət mənə haradan üz verdi ki, durdum getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirdim halqaya, soyundum və yıxıldım yatdım. Sabahı günü saat 9-da qızı apardım qoydum darülmüəllimata və saat 11-də Ohanı göndərdim avtomobil kontorundan bir dənə bilet gətirdi. Xəyalım Nuxaya getmək və orada bir neçə gün qalmaq idi. Ev sahibləri ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığıyca verdim və çıxdım küçəyə. Ohan da çamadanı götürüb yanımca gəlirdi. Oğlanın üzünə diqqətlə baxdım və anası genə durdu gözümün qabağında və genə qoşa balınc məsələsi başladı məni məşğul etməyə. Bir on-iyirmi dəqiqədən sonra Ohanla da ayrılacağam; necə ki, nənəsi və anası ilə ayrıldım. Və kim bilsin, bir də görüşəcəyik, ya yox. Pəs yarım saatın müddətində mən bu məsələni aça bildim – açmışam, əgər aça bilməsəm, dəxi mənim üçün həmişə tapmaca kimi bir şey olacaq. Burada bir möcüz oldu. Hikmətə etiqad edənlər mənim yerimə olsa idilər, deyəcəkdilər ki, qəlbdən qəlbə həmişə yol var; deyəcəkdilər mənim qəlbimdən erməni uşağı xəbərdar imiş. Belə ki, az qalmışdı kantordan uzaqlaşaq, Ohan utana-utana məndən bir şey soruşdu, dedi: – Xozeyn o qız ki, şkola bu gün apardınız, sizə “hars”dı, ya sizin qızdı? Onu oxucularımıza ərz edim ki, mən erməni dilini yaxşı bilirəm. Erməni dilində “hars” – gəlin deməkdir, yəni zövcə deməkdir. – Dedim: – Necə ki? – Ohan cavab verdi ki: – Anamla bu gün səhərdən mübahisədəyik; anam deyir: o qız sizə harsdır, amma mən deyirəm: o sizin axçıqındır. Ohanın bu sözlərini eşitcək mən barmağımı dişlədim və Ohana dedim: – Məgər mən qocalıqda kişinin elə balaca harsı ola bilər? Qəribə burasıdır ki, mənim bu sualıma Ohan guya təəccüb elədi və qısaca cavab verdi: – Ola bilər. Mən güldüm. Və erməni uşağı belə dedi: – Zaqatala müsəlmanları içində, məssəb haqqı, qoca kişilərin sizin qızdan da balaca harsları var. * * * Avtomobili minən zaman bilmirəm niyə qəlbim rahatsız oldu. Axşamkı cüt balınc məsələsini yadıma saldım və erməni arvadı gəldi durdu gözümün qabağında. Mənim yatacağımı qoşa balınclı sazlayanda Ohanın anası elə bilirdi və bəlkə indi də elə bilir ki, on üç yaşındakı qız mənim övrətimdir. Və haman yatacağı bizdən ötrü səliqəyə salırdı ki, orada biz qoşa yataq və qucaqlaşaq. Bilmədim nə eləyim: bir istədim Ohanı kənara çağıram və anasına sifariş göndərəm; sonra bu fikirdən düşdüm. Avtomobilin fışqırığı xəyalatımı dağıtdı və Ohana əl verdim, qalxdım oturdum yerimdə. Genə bir istədim Ohanı çağıram, ona yavaşcadan deyəm ki, qoca kişinin qızı övrət eləməyi eyibdir, – bu da mümkün olmadı; o səbəbə ki, mən bu xəyalı eləyəndə avtomobil məni Ohandan iyirmi-otuz qədəm uzaqlaşdırmışdı. Yolu bir xeyli zaman bidamağ getdim. * * * Demək, erməni arvadı mənlə qızımı ər-arvad zənn edirmiş; çünki Zaqatala müsəlmanları içində çox belə-belə ər-arvadlar var! Eyibdir! * * * Atlar dayandı Şəhər dağın təpəsində qurulubdur. Evdə oturanda hər yana göz gəzdirib görürsən ki, dağ, daş, dərələr və çaylar--hamısı səndən aşağıdadır. Dağların hərəsi bir rəng çalır; çünki bunların eləsi var ki, meşələrlə örtülübdür. Amma dağların əksəri lütdürlər və bu lütlüyün hüsnü meşəli dağlardan da artıqdır; bunun səbəbi budur ki, dağların hərəsi,--xah uzaqdan baxanda, xah yavıqdan baxanda,--növ-növ rəng çalır. Ələlxüsus gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. Axşam vaxtları Xansaray şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. Yevropanın Şveytsariyasını görənlər, buranı Şveytsariyaya oxşadırlar. Türkiyənin Qəmər göy yaylağını görənlər, buranı oraya oxşadırlar. Üfa şəhərinin Cin yaylaqlarını görənlər Xansarayın zöhr vaxtı məğrib tərəf mənzərəsini oraya oxşadırlar. Mən də Qafqaz yolunun landşaft görünüşlərini görən bir allah bəndəsi bunu cürətlə deyirəm ki, Xansaray şəhərinin şam vaxtı məğrif tərəf seyrəngahı o qədər ki, insana ürək şadlığı verir,--az bir qeyri yerlərdə bu səadət ələ düşə bilər. Yay zamanı, günortadan iki-üç saat keçəndən sonra gün batan səmtində açılmış "Çanaqqala" çayxanasının sağ və sol tərəfi seyr edən cavanlarla dolmağa başlayır. Bir az bundan aşağı şose yolunun ətrafı camaatla dolu olur. Bunlar yol ilə ötüb gedən arabalara, atlılara, fayton və avtomobillərə tamaşa edirlər. Şose yolunun dolayları ən uzaqdan görsənir. Budur, dağın dalından bir fayton gəlir. Ancaq on dəqiqədən sonra haman fayton yavıqlaşıb bizim qabağımızdan keçəcək. Budur, uzaqdan bir avtomobil görsənir; gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar; bunlar hamısı cövlan edirlər. Amma axşam vaxtları Xansaray şəhərinin girəcəyində, "Çanaqqala" çayxanasının qabağında, görkəmli və tamaşa etməli bir şey varsa, o da aşağıdan--yuxarı şəhərə varid olan avtomobillərin, faytonların və yaxud atlıların tamaşasıdır. Bax, bir avtomobil gəlir. Görək bu qabağımızdan necə baş yuxarı qalxacaq. Buğ və maşın icad edənin anası ölsün! Bir dəqiqədə fırıldadı və pufladı, qalxdı getdi…. Budur, aşağıdan bir neçə atlı çapa-çapa gəlir. Gərək bunların atları necə çapacaq və görək yorulub duranı olacaq, ya xeyr, çapıb keçəcəklər. Axşam vaxtları şəhərin "Çanaqqala" adlanan səmtində yolun ətrafı, sağ və sol tərəfi əhali ilə dolu olur. Kişilər, övrətlər, uşaqlar. Və ələlxüsus övrətlər: çarşaflı övrətlər, çardaqlı övrətlər, üzüörtülü övrətlər, üzüaçıq övrətlər…. Cahıllar, ortabab, balaca qızlar, məktəb qızları və məktəb oğlanları qarışqa kimi qaynaşırlar. Buraya cəm olmaqdan məqsəd--aşağıdan başyuxarı gələn atlılar, fayton və avtomobillərə tamaşa etməkdir. Budur, aşağıdan üçüncü dolayıdan başyuxarı iki atlı çapışır. Görək bunların hansı qabaqlayacaq? Aha! Ya allah, ya allah!… Hı, ay qoçaq kəhər at, hı!… Maşallah, maşallah!… Ədə, qoyma!… Aha! Yox, balam, qara at kəhər atı qabaqladı. Urra! Urra! Hay-küy, qışqırıq, üşkürük, qırrrr…. Budur, iki fayton gəlir; ikisi də zınqırovlu. Bunlar axırıncı dolayını qalxandan sonra atlarını qunutladılar və o qədər yazıq heyvanların sağrısına çırpdılar ki, atlar dördayaq çapıb aradan çıxdılar və çanlarını qurtardılar; yoxsa əhyana, əgər bunların biri dayanıb dursaydı, daha oğul-uşağın və nəinki tək bircə oğul-uşağın, bəlkə yekə kişilərin və hətta arvad-uşağın, şuşalıların qabağında, onların fışqırıq və üşkürəklərinin və "ğır-ğır"larının qabağında neçə batman tər axıdacaq idilər. Doktor Qəbzibəylə birlikdə, Xansaray yaylaqlarında mən də çox vaxtlar keçirmişəm. Bir neçə il bundan qabaq hətta onunla İlmatan dağlarına da getdik və oralarda doktorla qəribə yerlər gəzdik, qəribə sulara, növ-növ mədən sularına rast gəldik. Amma çox vaxtlar Xansaray şəhərinin özündə qalmışıq və qaldıqda da həmişə qəsdən qonşu olmuşuq və bu qonşuluqdan mən ki, həmişə məmnun olmuşam; doktor da, zənn edirəm, narazı qalmamış olsun gərək. Əvvələn, doktor özü çox gözəl müsahibdir. Çalan, cağıran, oynayıb-gülən, qonaq sevən və dostluqda xeyli sədaqətli. İkinci də budur ki, doktorluqda özü mahir bir həkimdir və evimizin içində nə qədər ki, azarlı ittifaq düşübdür. Qəbzibəyin dövlətindən, həkimə və dərmana xərcimiz çıxmayıbdır və azar da dəf olub gedibdir. Və lakin axır vaxtlarda, demək olar ki, Qəbzibəyin məişətində bir böyük dəyişiklik üz verdi. Onu istəyirəm deyəm ki, bir neçə ildir ki, həkim daha yay zamanı Xansaraya gəlmir. Bir neçə ildir ki, aşağıda, aranda, yay zamanı çox isti olan "Qaraqırt" qəsəbəsində qalıb oranın isti havasına və mığmığ milçəyinə tab gətirə-gətirə Xansaray kimi gözəl bir yaylağa getmək istəmir. Bir neçə dəfədir Xansaraya köçüb gedəndən sonra mən Qəbzibəyə xüsusi təkliflər göndərmişəm, bir neçə dəfə görüşüb əhvalpürsan olmuşam, təkid eləmişəm, yalvarıb yaxarmışam və hər dəfə ondan qəti narazılıq cavabını almışam. Təəccüb burasındadır ki, hələ Xansarayda doktor Qəbzibəyin öz məxsusi evi də var. Burada onun qohum əqrəbası var. Hər yay fəsli,--ki doktor burada olur,--onun yanına gələn azarlılardan onun yaylaq xərci artıqlığınca hasil olur. Demək, burada bir qənaət söhbəti də ola bilməz. Hələ demək olar ki, yay zamanı aranda, Qaraqırt qəsəbəsində həkimin bazarı o qədər də işləmir; səbəb budur ki, bütün camaat,--ki çoxları maldardır,--baş alıb yaylaqlara köçüb gedirlər. Demək, aşağıda qalmaqla həkim Qəbzibəy özünü bütün işsizliyə də düçar qılırdı. * * * Bir neçə il bu minvalla keçdi. Doktor Qəbzibəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavıq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. Keçən yay fəslinin qabağı mənim yolum Xansaraya düşən zaman, bir gecə Qaraqırt qəsəbəsində həkim Qəbzibəygildə qaldım və həkim Qəbzibəyə qonaq oldum. Bu gecə burada mənim üçün xoş keçdi və buna da iki şey səbəb oldu. Biri bu idi ki, həkim bu gecə mənə ehtiram qoymaq babətindən, — necə ki, dəbdir,--beş on nəfər öz dost və aşnalarından qonaq çağırdı. Bunların içində öz yeznəsi Aslan bəy, məşhur tarzən də var idi. Həkim özü yaxşıca avazla oxuyurdu. Qardaşı Rza bəy kamança çalırdı. Beləliklə, şam yeyib qurtarınca bir də saata baxdıq ki, az qalır sübh işıqlana. Amma, qeyrilərini demirəm, hər bir şeydən əfzəl burada mənə ruhani bir ləzzət verən həkim Qəbzibəyin bu məclisin şirin yerində bizim xahişimizə görə Xansaraya getməməyinin səbəbini nağıl eləməyi oldu. Vaqeən hər bir şey öz qaydası ilə: yaxşıca yeyib içmək, çolpaplov, yanında hər bir xuruşu, yaxşıca Qarakənd şərabı, Qarakəndin birinciliyi qazanmış ağ konyakı, meyvəcət, bunlardan sonra musiqi və xanəndənin ruhu şadlıq gətirən və nisanı göylərə qalxızan nəğmələri. Və lakin bunlar hamısı öz yerində hərçənd bu neməti də hər dəfə və hər gecə və hər yerdə tapmaq olmaz, amma genə tapmaq olar, hərdən bir də olmuş-olsa tapmaq olar. Amma, doğrusu, həkim Qəbzibəyin Xansaraya getməyi tövbə eləməyin rəvayətini bir də tapmaq olmaz; xüsusən ki, bu rəvayət həkimin öz dilindən eşidilmiş ola. Əvvəl mən, sonra qonaqlar məclisin şirin yerində bənd olduq: "Həkim, mən ölüm, doğrusunu de görüm səbəb nə oldu ki, bu bir neçə ilin müddətilə bir dəfə də Xansaray yaylağına getməyib bu qoxumuş və mirçəkli aranda qalırsan?" Əvvəl həkim söyləmək istəmirdi; amma olmadı. O qədər ki, mən yalvardım və qonaqlar yalvardılar, yavaş-yavaş yumşaldı və qavalı yerə qoyub özünə yarım stəkan konyak və qonaqlara dolu stəkan şərab töküb başladı. Həkim Qəbzibəyin rəvayəti: "Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam; amma minik atından da artıq qoşqu atını mən xeyli dost tuturam. Demək, atı yəhərin altında yox, qoşquda görməyi dəxi də artıq xoşlayıram. İndi, bax, bu saat mənim, doğrudur, bir dənə yaxşı minik atım var ki, onu çoxları arzu edərdi hər gün minib seyrə çıxsın, amma mən onu həftələr və bəlkə aylarla unuduram. Çünki meylimi həmişə qoşquya verirəm: təkərli arabaya, faytona, şarabana minmək istəyirəm, hətta avtomobili də yox, bir atlı, ya iki atlı faytonu dost tuturam və bu yolda həmişə artıq xərclər qoyuram. Artıq qazancımı yaxşı qoşqu ata verirəm və həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. Və bu yolda ustalaşmışam da. Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilmərəm ki, onu iki-üç günün içində öyrədib faytona qoşa bilməyim." Mənim fayton atlarım həmişə tərifli olublar; səbəb budur ki, mən onlara həmişə həqq-səy qoyuram. Atbazlığa həvəsim o dərəcədədir ki, mən həkimliyə, bir bərk azarlının üstünə çağırılanda da atın tumarını gərək yarımçıq qoymayam. Və siz hamınız eşitmisiniz ki, mənim atlarımın xamut-şileyi həmişə Nijni şəhərindən xüsusi sifarişlə gələr. Və dünyada mənim zövqü səfam oradadır ki, qoşa qəmər atlarımı qoşam şarabanıma, çıxam təkcə oturam və qnutu alam əlimə, atlarımın oynaqlaşmağına, gah mənim işarəmlə yeyinlətməklərinə, gah mənim işarəmlə yavaş getməklərinə, lazım olanda çapmaqlarına və öz vaxtında durmaqlarına həzz aparam. Bu məşğələnin mənim uçün böyük ləzzəti var. Bəli, ağama ərz olsun ki, haman il ki, o vədədən mən Xansaray şəhərinə getməyi tərgitmişəm, haman ilin yaz fəslinin əvaxirində elə yadımdadır ki, may ayının axırı idi. Həmişəki kimi genə başladıq ev-eşiyi yerbəyer etməyə və Xansaraya köçməyə hazırlaşmağa. Bəradərim Cəmillə məsləhəti bu yerə qoyduq ki, qabaqca o getsin, Xansarayındakı evimizi yığışdırsın, hazır eləsin və sonra mən də uşaqları qoyum öz faytonumuza, aparım; həmi ziyarət, həmi ticarət, həmi Qaraqırt vətənimizin yay zamanı həmişəki isti və mozalanından da üç aylığa özümü və uşaqları xilas edim, həm də mənim üçün bir bəhanə olsun ki, qoşa qəmər atlarımın "vojlarını" alım əlimə və buradan Xansaraya kimi dörd saat yolu sevgili və gözəl heyvanlarımla müsahib olum. Gah vojları azcana tərpədim, onlar qulaqlarını şişləyib qaçmaq istəsinlər, gah "şşşşş" deyim, onlar dursunlar. Gah vojları bir az çəkim, heyvanlar dayansınlar və dayananda da gözlərinin yanı ilə mənə baxsınlar və müntəzir olsunlar ki, nə vaxt genə onları sürəcəyəm. Gah yavaşca "muç" eləyim, genə götürülsünlər və sol voju çəkəndə sola çönsünlər ki, sağdan gələn arabaya yol verim və gah da sağ voju çəkim, sağ tərəfə çəkilsinlər ki, uzaqdan gələn avtomobili sol tərəfə ötürüm. Xülasə, bir gün oldu ki, bacım Tutunu, onun səkkiz yaşındakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim kozluya və özüm də mindim. Qaraqırtdan günortadan iki saat sonra çıxdıq və şenlikdən bir qədər uzaqlaşandan sonra mən özüm də qalxdım mindim Əsədin yanına və qnutu onun əlindən alıb, başladım yol uzunu atlarla mazaxlaşmağa. Və o qədər mənim üçün həmin müsafirət xoş gəldi ki, öz könlümdə ərəblərə yazığım gəldi ki, binəvaların yol getmək şəraiti gör nə dərəcədə ağır imiş və bəlkə indi də ağırdı ki, bir vaxt onlar deyirmişlər: "Əssəfəri hissətün minəssəqər [2]". [2] Səfər cəhənnəmin bir hissəsidir. Gün daha məğrib tərəfə xeyli alçaqlanmışdı ki, başladıq Xansarayının dolaylarına başyuxarı qalxmağa və köhnə qəbristana çatıb, axırıncı döngəni dönən kimi Xansaray şəhərinin gözəl görünüşü qabağımıza açıldı və dolayı yolların sağ və sol tərəfləri qarışqa kimi camaatla dolu görsənirdi. Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başı yuxarı qalxanlara tamaşa edirlər. Bilmirəm niyə ürəyim qırtıldadı. Mən qəzavü-qədərə o qədər də inanan deyiləm və gələcəkdən də xəbər verənləri yalançı adam hesab edirəm. Bəxtə, taleə" "səbrə", xoş saata və bunun kimi xariqüladə söhbətlərə həmişə şəkk eləmişəm. Amma bilmirəm ki, niyə mən burada Xansarayı şəhərini və oraya cəm olan əhalini uzaqdan görəndə ürəyim qırtıldadı? Bunu lazımdır demək ki, mən,--necə ki, ərz elədim,--bir tərəfdən xansaraylıyam və hərçənd də orada anadan olmuşam (atam da və anam da ölməyibdir), ancaq ömrümün çoxu orada keçibdir. Və çün Xansaray camaatına mən indi həkimliyimdə həmişə ixlasla qulluq da eləmişəm, onunçun da onlar da mənə həmişə ehtiram göstəriblər və amma bununla bərabər, bilmirəm, niyə dolayıdan dönəndə ürəyim qırtıldadı. Bəli, ağama ərz olsun ki, aşağı dolayıları qalxdıq və şəhər bir az yavıqlaşdı və bir avtomobil daldan bizə çatıb və bizi addadı və gurultu ilə keçdi və bir dəqiqənin içində qalxdı girdi şəhərə və gözdən itdi. Amma mən burada gördüm ki, oğul-uşaq düşdü avtomobilin dalına və başladı onun dalıyca qaçmağa. Çanaqqala çayxanasının qabağında Quçur Əsəd vojları əlimdən aldı və mən yendim faytonun içinə. Amma mən genə də Əsədə dedim ki, deyəsən atlar bir az yorulublar: çünki sol tərəfdə qoşduğumuz at bir az xam idi və yorğun nəzərə gəlirdi. Əsəd burada istədi faytonu yeyinlətsin və sol ata bir qnut da vurdu. Qnut ata dəyən kimi birdən heyvanlar başladılar dördayaq çapmağa. Bu əhval mənim xoşuma gəlmədi: o səbəbə ki, yolun sağ və sol tərəfinə düzülən Xansaray camaatı məni tanıyırlar və elə güman edə bilərdilər ki, həkim Qəbzibəy təşəxxüs satır və özünü və fayton və atlarını xalqa göstərmək istəyir. Bu heyndə də küçə uşaqları "Ura" çəkib, bizim faytonumuzun dalına düşdülər. Və mən bildim ki, bunlar istəyirlər faytonun dalına minələr. Hətta bir neçəsi də sağdan və soldan yanaşıb istədilər ayaq yerinə qalxalar, hələ bir-ikisi qalxdı da. Amma hər bir bədbəxtlik ki, yer üzündə baş verə bilər, onların ən böyüyü mənim üçün o oldu ki, bədbəxt qəmər atların beləcə şirin-şirin çapdığı yerdə xırp dayandılar. Bu, əlbəttə elə bir əhəmiyyətli iş deyil ki, bundan ya böyük bədbəxtlik, ya böyük xoşbəxtlik üz verə bilə: atdır, dayanar da, sonra genə gedər də. Amma atlarımın həmin dayanmağı ona səbəb oldu ki, bu dörd ilin müddətində mən daha vətənim hesab olunan Xansaray yaylağına keçməyə həsrət qaldım və indi bu saat genə o əqidədəyəm ki, daha yer üzündə mənim üçün Xansaray şəhəri yoxdur. Ağama ərz olsun ki, atlar dayanan kimi sağdan və soldan camaat bir hay-küy başladı ki, mən lapca məəttəl qaldım. Biri üşkürək atır, biri qah-qah çəkə-çəkə atları lağ eləyir. Hər bir şeydən yamanı bu idi ki, buradakı adamların hamısı axı məni tanıyır! Hələ uzaqdan bunu da eşidirdim ki, saqqallı kişilərin bir para insaflıları uşaqları başladılar haylayıb məzəmmət eləməyə ki, bu bizim həkimimiz Qəbzibəydir, eyibdir bu cənaba bu növ tərk-ədəblik eləmək. Mən lap pis günə qaldım. Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. Əgər heyvanları günahkar tutum--bunlar nə eləsinlər? Bunların adı elə o səbəbə heyvandır ki, mən kimi onlara məhəbbət göstərən bir xozeyini bu hala salırlar. Əgər uşaqlara hirslənim, uşağın da vəzifəsi elə budur ki, yola çıxıb, ötüb keçənə tamaşa eləsinlər və faytonların dalınca qaçıb dayanan atlara lağ eləsinlər. O ki, saqqallı kişilərdir, daha burada mən nə deyim və nə danışım? O hala ki, mən düşmüşəm, əgər burada bir fotoqraf olub bu halın əksini götürəydi, mənim burada xəcil və məzlum halətdə başaşağı xəcalətdən qan-tər içində olduğumu çəkəydi, Əsədin qnutla yorulduqca atların baş-gözünə çırpmağını çəkəydi, uşaqların bizim üstümüzə hay-küyünü çəkəydi və bunlardan sonra bizim üstümüzə saqqallı kişilərin və hətta çarşaflı arvadların gülüşməsini kağıza götürəydi, o vədə bizim vəhşi vətənimizin belə bir fotoqrafı rəvayətinə ölkəşünaslar artıq qiymət verərdilər. İndi məni orada tanıyanların uşaqlara "ədə, haramzadalar, bu bizim həkimdir" deməklərini yadıma salanda bu saat bu məclisdə də az qalıram utanıb yerə girəm. Bir on beş dəqiqə orada avara və sərkərdan dayanandan sonra Əsəd yapışıb atların cilovundan çəkə-çəkə ehmalca aparıb. Sonra mən və uşaqlar piyadaca faytonun dalıyca getmişik haman camaatın içinə! Burası yamandır ey!… * * * Toy Mənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam. Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam. Bir neçə il bundan əqdəm xalam qızı Məhbubənin toyu idi. Qızı vermişdilər Əkbər Ağa adlı bir qalalıya. Və çün oğlan qərib idi, bizim şəhərdə onun bir kəsi yox idi, toyu da xalamgilin öz evində eləyirdilər və hətta toydan da sonra oğlan həmişəlik xalamgildə qalacaq idi. Bəli, nişan qoyuldu, kəbin kəsildi, toy tədarükü görüldü, qonaqlar çağırıldı, plov qazanları asıldı və cahıl-cuhul xalamdan bixəbər gedib çalğıçı da gətirdilər. Gecəni yatıb səhər durdum gördüm ki, xalam evində qiyamətdir: çalan, çağıran, oynayan, deyən və gülən. Xalamın böyük qızı toyun arvad hissəsini idarə edirdi. Kişi hissəsinə də məni təyin etdilər və mən bu işə hər halda artıq həvəslə yapışdım; səbəb budur ki, xalam qızı Məhbubənin xətrini mən çox istərdim. Günorta hələ olmamışdı. Həyət-baca doldu adamnan və mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara “xoş gəldin” deyirdim. Bu arada mənə dedilər xalam məni çağırır və hər işimi buraxıb, qaçdım gördüm ki, arvad çox pis haldadır. Məlum oldu ki, xalam, oğlu Əbdülkərimdən yana bərk qüssə eləyir. Xalam oğlu Əbdülkərimə beş-altı ay bundan qabaq o taydan kondrabat şevyot gətirib dərzi Cavadla bir yerdə xəlvətcə satmaq üstə bir il iş kəsmişdilər. Biçarə arvad gözlərinin yaşını elə tökürdü ki, mənim xalama nəhayət yazığım gəldi. Heç insaf deyil qız ərə verəsən, evində toy eləyəsən, bütün şəhər sənin xeyir işində iştirak edə və sənin doğma balan dustaqxanadan sənin belə şadlıq gününü görə, eşidə və cürəti olmaya ki, oradan çıxıb gələ və bacısının toyunda oynaya. Dedim: – Xala, səni and verirəm Əbdülkərimin canına, ağlama; mən ölüm ağlama. And olsun Əbdülkərimin əziz canına ki, mən bu saat gedəcəyəm və Əbdülkərimi dustaqxanadan çıxardıb gətirəcəyəm. Xalam bu sözləri eşitcək: – Buy, sənə qurban olum! – deyə-deyə gəldi məni qucaqladı. Böyük xalaqızım da, dayıcanım da töküldülər mənim üstümə və onlar da başladılar mənə yalvarmağa ki, əgər bir yol bilirəmsə, gedim heç olmasa bir günlüyə də olsa Əbdülkərimi azad elətdirim gətirim. Yazıq xalam gör necə yalvarırdı: – Qadan mənə gəlsin, Cahangir, heç olmasa bir günə, heç olmasa yarım günə. Nə deyirəm, bir saata Əbdülkərimi buraxdır, qoy gəlsin bacısının toyunu eləsin, genə çıxsın getsin, nə deyirəm. Arvad-uşaq da xalamın dalıyca başladılar deməyə: – Nə deyirik, heç olmasa, bir günlüyə buraxsınlar, gəlsin bacısının toyunu eləsin, genə getsin. “Pənah Allaha” deyib çıxdım küçəyə. Bilmirəm bu tədbir haradan mənim fikrimə gəldi. Dustaqxananın nə yolunu tanıyırdım, nə orada xidmət edən qulluqçuları tanıyırdım. Ancaq uzaqdan görərdim, bax, haman o böyük, iki mərtəbəli tikili dustaqxanadır. Düz oraya yol tutub getdim. Uzaqdan görürdüm ki, hasarın künclərində burcların dibində əli tüfəngli rus saldatları var-gəl edir. Darvazanın qapısında da bir-iki nəfər vətəndaş durub, bir qulluqçu ilə nəsə danışırlar. Bir istədim qayıdam, çıxam gedəm; heç ümidim yox idi ki, bu baş tuta. Axı əgər orada bir dustaq qalırsa, əlbəttə ki, o orada qalmalıdır, qalmalı olmasa, mənsiz də onu azad elərlər; yoxsa, mən nəçiyəm və nə ixtiyarın və nə böyük hörmətin sahibiyəm ki, mənim sözümnən kondrabatçı dustağı vaxtı yetişməmiş azad eləyələr. Mən bu fikirdə idim, bir də gördüm ki, darvazadan mənə tərəf bir qulluqçu vəravürd eləyə-eləyə gəlir mənim yanıma. Bu adam bir az da diqqətnən mənim üzümə baxandan sonra qabaqca bunu məndən soruşdu: – Ədə, sən Həsənəli deyilsən? Mən təəccüblü və bir az ehtiyatlı cavab verdim: – Necə Həsənəli? Mənim bu sualımın qabağında bu adam keçdi mənim dal tərəfimə və təkidlə bir az acıqlı hökm elədi: – Yeri dustaqxanaya. Mən təəccüblü bir halda çöndüm buna tərəf və dedim: – Qardaş, deyəsən sənin səhvin var. Mən Həsənəli deyiləm, mən Cahangirəm; mən Kəblə Vəli oğlu Cahangirəm. Bu nainsafa mənim bu bəyanatım bir zərrəcə təsir eləmədi. Məni zornan apardı qatdı dustaqxananın həyətinə. Darvazada mən istədim dayanam, amma zalım belindən tapançasını çıxardıb elə bir halda mənim üstümə tutdu ki, mən təəccüb elədim niyə tapança atılmadı. Bu şəxs darvazadan məni içəri ötürəndə bir ayrı özü kimi qulluqçuya məni elə qələmə verdi ki, guya mən qarakəmərli Həsənəlibəyəm və dustaqxana həyətində bu gün arx qazdığım yerdə işdən qaçmışam və gedib şəhərdə gəzib indi gəlirəm. Mən çox and-aman elədim ki, mən qarakəmərli Həsənəli deyiləm, mən şirvanlı Cahangirəm, atamın adı Kəblə Vəlidir, sənətim flandır, flan və flan. Heç başa gəlmədi. Həyətdə bir-iki dustaqxana qulluqçusu məni əhatə edib apardılar, uca pilləkanları çıxartdılar və qatdılar dustaqların içinə. Bir az keçdi, qaranlıqladı, çıraqları yandırdılar və dustaqların hərəsinə bir yekə qara çörəklə bir stəkan dişləmə çayı gətirdilər; mənə də habelə. Çaydan sonra yatışdıq. Mən də qeyri dustaqlar tək içi küləşli döşək üstə uzandım, üstümə yorğan kimi bir şey saldım və yatdım. Səhər çayından sonra məni çağırdılar dustaqxananın kantoruna. Əmoğlu Məşədi Fərzəli, əlində bir kağız, durmuşdu dustaqxana nazirinin yanında və danışırdılar. Nazirin qabağında genə kağız-kuğuz var idi. Və məni görəndə nazir məndən rusca adımı və atamın adını soruşdu. Mən cavab verdim. Məşədi Fərzəli də öz tərəfindən əllərini ölçə-ölçə dedi: – Ay kişi, vallah, bu mənim əmoğlum Cahangirdir, Həsənəli-zad deyil. Bu arada dustaqxananın qulluqçularından bir-iki nəfəri və habelə dünən məni küçədə tutub həyətə qatan qulluqçu gəldilər nazirin yanına və başladılar bir-birilə pıçıldaşmağa. Ondan sonra nazir üzünü mənə tərəf tutdu və dedi: – Gedək. İkimiz də sevincək çıxdıq çölə. Darvazadan küçəyə çıxanda və biçarə xalamı görəndə ancaq indi xalam oğlu Əbdülkərim yadıma düşdü və əhvalım elə dəyişildi ki, xalam mənim burada gecə yatmağının səbəbini soruşanda mən biçarə arvada heç bilmədim nə cavab verəm; çünki mən onu dustaqxanada nə gördüm, nə də o orada mənim yadıma düşdü. Sonra məlum oldu ki, dünən toy camaatı bir-iki saat gözləyiblər ki, bəlkə mən Əbdülkərimi də dustaqxanadan çıxardım gətirəm və xalamın xətri xoş ola. Amma axşamdan iki saat keçənə kimi gözləyib, axırda gəlini gətiriblər və hər bir şey öz qaydası ilə ötüşübdür. Demək, Əbdülkərimi azad eləmək əvəzində mən özüm də o gecəsi dustaq oldum. Qəribə burasıdır ki, dustaq olmağımın səbəbini heç indiyədək bilmədim. Onunçun daxı bir yanda dustaqxana görəndə üç ağaclığından qaçıram. * * * Eydi-rəməzan Şükür və süpas haman pərvərdigari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki günün ərzində yeri, iki gündə göyü və iki günün müddətində də yer üzündə yaşıyan və göydə uçan heyvanları. Mənim bu şükür və sənama əlbət bir illət var ki, bu barədə möhtərəm oxucular ilə bir qədər söhbət etmək mənim indiki məqaləmin mövzu və məqsədidir. Pənah aparıram o xaliqi ləmyəzələ ki, bu eydi-rəməzanəlmübarəkin əziz günündə bəndeyi-həqiri məyus etmədi, zira o qədər dərd və kədər, o qədər naümidi və diltənklik ki, həmin mahi-mübarəkin iyirmi doqquz günündə aciz bəndəyə üz verdi – bunların cümləsinin ağırlığı və acısı bu günkü eydi-şərifi – rəməzanın səadətli gününün səadətli səatində məndən həmişəlik rəf oldu və pərvərdigari-aləmdən təmənnam budur ki, öz birliyi xatırına digər mənim kimi əmi mömin bəndələrinə də öz lütf və mərhəmətini müzayiqə buyurmasın. Amin ya rəbbilaləmin! Vaqiən, bu mahi mübarəkin iyirmi doqquz gününün ərzində bəndənin dad və fəryadı yerə və göyə sığışmırdı; çün baxırdın şəhərin müsəlmanlarına: xah müslimlərinə, xah müslimələrinə, yəni – necə müslimlər? Cümləsi binamaz və oruc yeyən? Yəni necə müslimələr? Cümləsi Şərq qadını adı ilə başlayıblar guya nə bilim bu nədir? Məktəb, bu nədir? Qlub Əli Bayramov, bu nədir? Mamalıq dərsini təhsil etmək və halon ki, mamalıq üçün bir təhsil lazım deyil, çox da dərin oxusalar, axırda qorxuram uşağın anadan olan günü və bir həftə də ondan sora haman otağa daxil olan adamın başının üstünə Quran tutmağı bilmərrə nəzərdən salalar və beləliklə pak islam ümmətinin balalarını qırğına verələr. Xülasə. Mən biçarə və mən bəxtıqara həmin mahi-mübarəki-rəməzanın o gözəl günlərində küçəyə çıxıb gedirdim məscidə və rəməzanın yomiyyə nəmazını orada əta edirdim və rəməzanın hər gününə məxsus duasını orada yerinə yetirirdim: Ya Əliyyü, ya əzim, Ya qəfurü, ya rəhim Əntərrəbbül əzim… Amma kimi görürdüm mən bəxtıqara o məsciddə? Baqqal Məşədi Ağanı və onuntək bir neçə baqqılı, bəzzaz Hacı Abdulqafarı və onun kimi hacıları, bir çoxlu pinəçi və bir neçə əmələyi-motanı. Məscidin o biri tərəfində də gördüyüm çəharşolu övrətləri, vəssəlam. Pəs belə olar? Pəs hanı bizim oxumuşlarımız, hanı bizim maarifpərvərlərimiz? Hardadır bizim ziyalı müslimələrimiz ki, adlarını “Şərq qadını” qoyub naməhrəm kişilərin içində guya maarifdir, nədir – belə-belə övrət xəlayığına yaraşmıyan peşələrə özlərini veriblər? Hanı bizim müəllim və müəllimələrimiz? Və idarədə xidmətdə bulunan cavanlarımız. Əgər onların gündüzlər vaxtları iqtiza etmir, pəs axşamlar niyə məscidə təşrif gətirmirlər? Və əlbəttə ki, məscidə gəlmiyənlər oruc da tutmurlar, zira orucağız bir şəxsin qiraətxanada nə işi ola bilər? Oruc tutan müsəlmanın ədəbiyyat cəmiyyətində nə işi ola bilər? Oruc namaz əhlinin leksiya məclisində nə karı ola bilər. Və min-min bədbəxt müslimə ki, adını “Şərq qadını” qoyub hələ qazet-mazet də çıxardırlar, bunlar əgər oruc tutandırlar nəyə pəs məscidi buraxıb Əli Bayramov qlubuna cəm olurlar? Məgər oradan insana bir nicat hasil ola bilər, səvayı naməhrəm kişilər içində şəri-şərif mən etdiyi söhbətlərdən? Ax! Vay!.. Möhtərəm qariləri artın dərdi-sərdən xilas etmək istəyirəm və sözümü müxtəsərcə o yerə gətirirəm ki, həmin mübarək rəməzanın iyirmi doqquzuncu gününü mən fələkzədə və mən siyahbəxt küçə və bazarı orucağız sərgərdan gəzib tamam islam aləmini iki parçaya bölünmüş görərdim: bir məhəlləsi dindarlar və orucağızlar məhəlləsi, yəni şərq məhəlləsini, bir məhəlləsi də qərb məhəlləsi, yəni idarələrdə, mədrəsələrdə və mətbəələrdə çalışan oruc yeyənlər məhəlləsi. (Lənətullahi əla qovməzzalimin!) və islam aləmini belə parçalanmış gördükdə mən qədimdə bir məşhur və sabit qədəm “İttihadi islamçı”, yəni tamam islam aləminin tək bircə “mənbər” baydağı altında toplanmağı tərəfdarı, mən bəxtiqara, həmin qərb məhəlləsində “ürəfa”lar tərəfindən orucun belə həyasızlıq ilə, yəni bəistilahi-rus belə “naxalni” orucun yeyilməyini görəndə və digər tərəfdən möminlər tərəfindən haman orucun bərk-bərk tutulmağını (5 yaşdan 95 kimi) görəndə ürəyimin dərin bir guşəsindən ah çəkib arzu edərdim ki, ey ovsafi-bəşəriyyətdən-bəri və münəzzəh olan həqqi-sübhanə və taala, mənə əcəldən aman verəcəksənmi ki, elə bir gün olaydı – haman qərb məhəlləsinin sirati-müstəqimdən azan bədbaxt müsəlmanları sənin dərgahında istiqfar edib dini-mübini islama qayıdalar. Ax şükür bihəd edirəm cənabi – Allaha ölmədim və haman arzuma nail oldum. Belə ki: Bu gün yəni şəvval ayının qürrəsi eydi – mübarəki-rəməzan, yaxud eydi-fitrdir. Sübh namazımı qılıb getdim bazara. Cəmi müsəlman və əsnaflar cümləsi bazar və dükanda və cümləsi öz sənətində və öz kəsbkarında. Cümləsi bu gün bayram saxlayır; çünki cümləsi bu gün dəxi səhərdən axşama kimi ağzı bağlı deyil. Və məhz bu səbəbə rəməzan bayramı islam ümməti üçün əziz bir bayramdır, o səbəbə ki, bundan da artıq xoşbəxtlıq ola bilərmi otuz gün səhərdən axşamadək ac qalandan sora birdən xəbər verələr ki, “dəxi bəsdir, indi dəxi ac qalma”. Xülasə: İslam məhəllələrini gəzdim dolandım və həmin bu gün mömin və dindar müsəlmanları bazar və dükanda öz məşğələlərində, öz kəsbkarlarında gördüm. Və buradan gəzə-gəzə getdim çıxdım müsəlmanların qərb məhəlləsinə, yəni maarif idarələri və mədrəsələr olan məhəlləyə, yəni qlub və qiraətxana və nəşriyyat və fənni mühazirələr tərtib verilən ürəfa məhəlləsinə. Amma hər yer qapalı. Niyə? Bu gün eydi-rəməzanəl-mübarəkdir. Demək bu gün eydi-rəməzanəlmübarək namına cəmi islam mədrəsələrimiz, cəmi darülmüəllimatımız (“darülmüəllimat” deyirəm ha!), cəmi nəşriyyat müəssisələrimiz və şura idarələrinin cəmi müsəlman şöbələri bağlıdır, yəni eydi-fitr münasibətilə tətil edirlər. Allah şahiddir ki, bunu görəndən sora mənim ürəyim o dərəcədə fərəhnak oldu ki, bugünkü bayram mənim üçün ikiqat bayram hesab olundu. Bir bayram – haman eydi-mübarəki-rəməzan bayramı. Bir bayram da odur ki, cəmi maarif, mədrəsə və nəşriyyat və qeyri dairələri eydi-fitr münasibətilə bağlı gördüm, yəni eydi-şərifi-rəməzan təsdiq eləyən gördüm. Yəni lap açığı bu islamın həmin bu məarif məhəlləsini nəinki möminlərə tərəf yavuq çəkmiş gördüm, hətta onlara bir neçə təpik vurduqlarını gördüm, -yəni möminləri də qabaqladıqlarını gördüm. Zira ki, əsnaflar və məşhədilər eydi-fitr günü dükan bazarı açdıqları bir gündə ziyalılarımızın idarə və müəssisələrini rəsmi surətdə bağlanmış gördüm. Min-min təşəkkür və süpas olsun haman pərvərdigari –aləmə ki, dünyanı altı günün ərzində xəlq edəndən sora o qədər də yoruldu ki, cümə gününü istirahətə möhtac oldu. Mən də yoruldum. * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.