Məktublar Cəlil Məmmədquluzadə (1869–1932) Bəradərim Məşədi Qurbanəli Fi 25 aprel (1895–1897-ci illər arası). Nehrəm Sağ və salamat varam. Haman Naxçıvan, haman Nehrəm, haman Danabaş kəndi və haman Məhəmmədhəsən əmi ilə Xudayar bəy. Haman qazi... Qərəz, haman göl, haman qurbağa... Hələ bunlar qalsın, inşallah gələn dəfə bu barədə danışarıq. Qardaşım, mənim sənə bir işim düşübdür və ümidim artıqdır ki, bu işi aşırmaqdan boyun çəkməklik eləməyəsiniz. İşim budur: əzizim, lazımdır ki, bu kağızı alıb oxuyan kimi çıxasınız bazara; yəni, mən Tiflisi nəzərdə tuturam. Əgər, söz yox, Tiflisdə olmasanız, sonra gəlib çıxasınız bazara və ərzimi yerinə yetirəsiniz. Ərzim budur ki, bəndəyə bir odinoçka lazım olubdur. Bu barədə də artıq təvəqqe edirəm. Əgər özgə vacib işin olmuş olsa, qoy qalsın sonraya və çıx şəhərin ərradəçilər məhəlləsinə və bəndədən ötrü yazdığım odinoçkalardan birini al. Söz yox, təzə olmasın; yəni, nə elə köhnə olsun, nə də ki, əcərli olsun. Ancaq köhnə də olsa, verib qayıtdırarsan və sonra göndərərsən. Və bu sövdənin əvvəlinci şərti bu olsun ki, baha olmasın, çünki pulum çox deyil. Mənim yəqinimdir ki, Tiflisdə bu cür droşkaların nimdaşını əlli-altmış manata almaq mümkün olar və bundan yaxşı fürsət olmaz məndən ötrü. Dəxi sən orada olmasan, mən bir elə şəxs tapa bilmərəm ki, xəyanət etməyib, məndən ötrü bir belə şey alıb göndərsin. Qərəz, başa düşdün, söz yox ki, mənim dediyim nədir. Əgər yanında pulun olmasa, yaz göndərim. Əgər varındır, al, sonra göndərərəm. Mən istəyirdim bir qədər pul göndərim, amma kağızı kənddən yazıram, pulum şəhərdədir. Əgər çox tələsik olsa, teleqrafla Hacı Əliqulu barat da edə bilər. Vəssəlam ki, bu barədə səy elə və düzəlt. Çox vacibdir. İnşallah sonra yazaram nə səbəbə vacib olubdur. Çox yaxşı olar bir at xamutu şiliyi göndərəsən. Çünki oraların köhnəsi bu xarabaların təzəsindən yaxşı olar. Söz yox, alan vaxtda lazımdır diqqət eləmək təkərləri və resorları möhkəm olsun. Əlbəttə, hər bir barədə də vəkilsiniz. Axırda mənə peşmançılıq heç vaxt üz verməz, əgər sövdəniz məğbun da olmuş ola. Əlbəttə, mənə bu barədə də bir cavab yazarsınız və nə qədər pul lazım olsa, yazarsınız, göndərərəm və bunların əvəzində Allah qoysa, yaxşı əhvalatlar yazıb göndərərəm, oxursan. Və bunu da bil, kağızı göndərəndən sonra günləri sayacağam, görək neçə günə kimi ya kağızın cavabı, ya odinoçka gələcək. Amma hamısından vacib odur ki, yüngül olsun, ağır olmasın. Çünki lazımdır ki, iki adam otursun, kuçerdən ötrü yer lazım deyil, çünki oturanların biri sürəcək. Əlbəttə, resorlu olacaq. Əlbəttə, başa düşdün. Bu kağızı indi, mən yazan vaxt düz gecə yarısıdır, yəni saat on iki. Bəs, əgər bir para sözləri oxuya bilməsən, günah mənim deyil. Qardaşın Cəlil Məmmədquluzadə * * * Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış (10 və 11 dekabr 1896-cı il) Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər. Onlardan birinci şöbədə 25, ikincidə 8, üçüncüdə 4, dördüncüdə 3 və beşinci şöbədə 5 nəfər. Yoxlama zamanı məktəbdə 38 nəfər şagird var idi. Yoxlama zamanı deyilən göstəriş və tənqidi qeydlər: Aşağı şöbədə LEKSİK material möhkəm mənimsənilmişdir. Həmin materialı tez-tez təkrar etmək və ümumiyyətlə, rus danışıq dilini öyrənmək üçün bunları çalışmalara tətbiq etməyə daha çox vaxt lazımdır. Sözlərin tələffüzündəki qüsurlar ciddi qeyd olunmalıdır, onların hamısına, xüsusən səhvlərin müəyyən hissəsini təşkil edən “l” və “ç” səslərinin deyilişinə müvafiq çalışmalarla düzəliş verilməlidir (aradan qaldırılmalıdır). Yuxarı şöbələrdə canlı rus danışıq dilində az danışılır. Dördüncü şöbənin şagirdləri hətta bir çox mürəkkəb olmayan suallara cavab verməkdə çətinlik çəkirlər. Hansı ki, sualın cavabını vermək üçün suala bir və ya iki söz artırmaq lazımdır. Buna görə də əksər şagirdlər öyrənilənləri öz sözləri ilə nağıl etməkdə gücsüzdürlər. Əzbər söylənilən bədii nümunələr dördüncü şöbədə az-çox düzgün söylənildi. “Sibirin fəth edilməsi” mətni bu şöbənin şagirdləri tərəfindən mənası başa düşülmədən oxundu. Birinci şöbədə “Hava və su” mətni müəyyən qədər başa düşülməklə oxundu. Şagirdlərin bir hissəsi qiraət zamanı sözləri yanlış tələffüz edirlər. Bu şöbələrin şagirdlərinin coğrafiyadan müvəffəqiyyəti kifayət qədərdir, tarixdən isə həddindən artıq zəifdirlər. Uşaqlar Vətən tarixindən lazımi tarixi hadisələrə dair xronoloji ardıcıllığa malik heç bir anlayışa malik deyillər. Beşinci şöbədə sayların bölünməsinin əlamətləri nəzərə çarpdı, lakin şagirdlər ikidə biri dörddə birə bölə bilmədilər; dördüncü şöbədə adlı ədədlərin hissələrə bölünməsindən hansı say alınmasını deyə bilmədilər. Birinci şöbədə “c” (tverdıy znak) hərfi ilə bitən sözləri yazmaq lazım deyildir. Çünki şagirdlər hələ bu hərfi öyrənməmişlər. Yazılı çalışmalarda həmişə cinsləri (mujskoy rod) göstərməyə əməl etmək lazımdır. İkinci şöbədə xüsusi meylli yazı qaydalarına əməl edilməlidir. Ayrı-ayrı sözlərin hallanmasını cümlədə sözlərin hallanması ilə əvəz etmək lazımdır. Şagirdləri müəyyən edilmiş tapşırığı həll etməyə əsaslı şəkildə hazırlamaq lazımdır ki, onların işləri bəzən olduğu kimi səhvlərlə dolu olmasın. Şagirdləri müəllimin söylədiyi nümunə əsasında məsələ (çalışma) tərtib etməyə alışdırmaq lazımdır. Volperin “Rus dili” dərsliyinin birinci buraxılışındakı əlaqəsiz materialları Çernyayevskinin “Rus dili” dərsliyindəki mətnlərlə əvəz etmək faydalı olar. İnspektor: N.Novospasskiy Əsli ilə düzdür: Nehrəm məktəbinin nəzarətçisi Məmmədquliyev Arayışın bu surəti İrəvan – Yelizavetpol quberniyası və Kars vilayəti Xalq məktəbləri direktorluğuna təqdim edilir, № 126 Məktəbin nəzarətçisi C.Məmmədquliyev * * * Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901) Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır. Dəxi nə yazım? “Məhəmmədhəsən əminin eşşəyi”ni istəyirəm yazıb göndərəm, senzor izn versin, İrəvanda çap elətdirim. Hərçənd ağlım kəsmir camaat oxusun. Dünən Məşədi Qurbanəli bizdə idi. Bir qədər söhbət elədik, sonra çıxdı getdi. Hava çox soyuqdur. Sənin qardaşın Cəlil * * * Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902) Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam. Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum... Teleqrafda yazmışdım ki, kağız gözlə. Haman kağızda sənə yazacaqdım ki, ağam haman günlərdə mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim göndərmək. Axır gəldi oldu axır çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırı sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki, yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da heç bilmirəm Məşədi Heydər verib, ya yox? Müxtəsər, əhvalat bu tövrdür. Bəs nə işlə məşğulsan? Satıb qurtardın dükanı, ya yox? Sidqi necədir? O cənabdan təvəqqe elə özgələrin namələrinin üstündə notariusluq eləməsin və mənə əlahiddə kağızlar yazsın. Məgər o bilmir ki, onun kağızları necə şirin töhfədir? Nə səbəbə müzayiqə edir? Qoy o məndən kağız gözləməsin. Mənim müsəlmanca yazmağa həvəsim azdır. Bizim qohum-əqrəbamız necədir? Məşədi Yusif haman halətdədir, ya təğyir tapıb haləti? Ağam nə qayırır və Ələkbər haradadır? Məşədi Heydərin, söz yox, əhvalı pərişandır. İndi necədir Nəsir, varmı yaxşı olmağa ümidi, ya yox? Allah şəfa versin. Mən Dəlmə bağlarının əhvalatını, – necə ki, sənə bir vaxt oxumuşam, – “Kaspi”nin 53-cü nömrəsində çap etmişəm. Amma, heyf ki, “Kaspi” qəzetini İrəvanda azdır oxuyan. Xəyalım “Kavkaz” qəzetinə məktublar göndərməkdir və bir də Əlimərdan bəyin mənə heç vəchlə qəzet göndərməyə xəyalı yoxdur. Allah ona insaf versin! Axır vaxt mən bardilləri Dəmirbulaq məhəlləsindən və məscidin qonşuluğundan köçürtmək fikrinə düşmüşəm. Tapdığım fəsillərə görə lazımdır ümid bağlamaq ki, qubernator bu vasitəni qəbul edə. İrəvan əhlinə bu xüsusda yaxşı ərizə yazmışam. Bu gün camaat qol qoyur. Bu kağız ilə bahəm sənə göndərirəm divanxanadan aldığım rasçotu və bundan əlavə bir sovqat göndərirəm ki, olsun İrəvandan “Novoye vremya”ya verilən teleqraf sən qayırdığın dəmir yol barəsində. Bu əhvalatı mən oxudum “Kaspi” qəzetində və cırıb sənə göndərdim ki, oxuyasan. Sabah martın 23-cü günü, İrəvan okrujnoy sudunda haman işə baxacaqlar ki, iki il bundan əqdəm okrujnoy suddan bir neçə dokument oğurlanmışdı ki, bu xüsusda sudun bir çlenini və Qayıbovu günahkar elədilər. Deyirlər ki, Tiflisdən böyük vəkil gəlib. Sabah tamaşa edərəm, sənə xəbər yazaram. Təzə xəbər yoxdur. Hava çox xoşdur. İşim çoxdur. Xəyalımız var bir Naxçıvana gələk. Əgər barama qurdu bəsləmək mane olmasa, yayda Dərəçiçəyə gedəcəyik. Hələ imtahan verməmişəm. İndi xoş sənin halına ki, Sidqi ilə bir şəhərdə olursan. Bəs niyə mənim Münəvvərimin əksini götürüb göndərmədin? Əgər ağamgilin tərəfindən maneçilik varsa, mənim dilimdən təvəqqe elə mane olmasınlar və tez əksi göndər. Hazırlaş və yığış gəl İrəvana. Şurov xahiş edir Hacı Mirabbas ağanın kəhrizini alsın İrəvan vağzalından ötrü. Vurşel də hələ gəlməyib Tiflisə və yəqin ki, sənə bir cavab yoxdur göndərdiyiniz ərizələrə görə. Söz yox ki, kəhriz ərizəsinə Vurşel gəlincə baxmazlar. Bəs ərz edirəm ki, Şura Hacı Mirabbas ağanın kəhrizini almaq təklifini edir, mən də haman yer sahiblərini – ki, onların yerlərindən kəhriz quyuları vurulub–örgədirəm ki, haman kəhrizə yer sahiblərinin də ixtiyarları çatar. Çünki rus zakonu belədir ki, yer sahibinin izni olmasa, heç kəs onun yerindən kəhriz vura bilməz və bu işlərdə “davnost”, yəni təsərrüf qoyulmayıb. Məsələn, Hacı Mirabbas ağa deyə bilməz yer sahibinə ki, mənim kəhrizim sənin yerindən otuz ildir gedir. Çox da ki, otuz ildir! Mən otuz il sənə ixtiyar vermişəm kəhriz aparasan, amma indi vermirəm bu ixtiyarı və bir neçə yer sahibi – ki, mən onları bu tövr başa saldım, – gedib Şurova ərz elədilər ki, bizi də lazımdır nəzərdə tutmaq kəhrizi almaq vaxtında. Çünki haman kəhriz bizim yerlərimizdən keçir və bu xüsusda plan çəkildi və yer sahiblərinin hamısının adlarını yazdılar haman planda. Görək axırı nə olur? Hələ Rəhimova pul göndərməyiblər. Podrat babətindən çox giley edir. Hələ xudahafiz. Sənə xeyir-dua edirəm. Cəlil Məmmədquluzadə Tez cavab yaz. Mənə baxma və Sidqiyə baxma. * * * Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905) Tiflis Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir. Əzizdən heç nigaran olma. Onu yəqin bil ki, xudanəkərdə sən dünyada yox olsan da, Əziz burada dərs oxuyub, axıra kimi elm təhsil edəcək. Hər halda indi Əzizin sənə heç bir ehtiyaclığı yoxdur və onun barəsində heç fikir eləmə. Bu günlərdə onun metrik şəhadətnaməsini şeyxülislam idarəsindən çıxardacağam ki, may ayında imtahana aparam. Nuri-çeşmim Əli bir neçə gündür ki, buradadır. Bayram günləri olmaq səbəbindən mən özüm öz ixtiyarım ilə onu burada qonaq saxladım, çünki Əziz üçün də onun burada qalmağı xoş keçirdi. Amma Əlinin gimnaziyaya hazırlaşmağa çox artıq həvəsi var. Əgər məsləhət görsən, gəlsin buraya, Tiflisə və bizim pansionda qalsın, bir müəllim tutaq, onu hazırlaşdırsın. Bunlar hamısı keçəndən sonra, Allah xatirinə, tezlikdə öz əhvalatını mənə bildir. Çünki buraya gələn xəbərə görə, sənin əlinə yara yetişibdir. Bu gün əvvəlinci dəfə teleqraf çıxardıq. Əhvalatı Əli nağıl edir və qəzetə çıxartmağa izn istəmişəm. Xudahafiz, Cəlil * * * Redaksiyaya məktub (13 avqust 1905, № 165) Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm. Cəlil Məmmədquluzadə “Tiflisski listok”, 13 avqust (1905), № 165 * * * Redaksiyaya məktub (24 avqust 1905, № 173) 21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir. C.Məmmədquluzadə “Tiflisski listok”, 24 avqust (1905), № 173 * * * Nuri-çeşmim. (24 aprel 1907) Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik? Cəlil * * * Əzizim! (Bakı, 26. VII-1908) Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata. Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim? Cəlil * * * Əzizim! (Bakı, 10 yanvar 1910) İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər. Dostunuz Cəlil * * * Qələm yoldaşım Məmmədəli Sidqiyə! Bakı, 15 may (1910) Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən. “Molla Nəsrəddin” məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə * * * Əzizim Məmmədəli! (Tiflis, iyun 1910) Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız. Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz. Bura gələndən sonra hər bir şey müəyyən olar; amma güman edirəm ki, “Molla Nəsrəddin” işlərində mənə yaxşı köməkçi ola bilərsiniz. Əgər mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm. Xeyirxahınız Cəlil Məmmədquluzadə * * * Əzizim Məmmədəli! (Yevlax, 1 avqust 1910) Yadımdan çıxdı, baronessa Rozen xanımın islamı qəbul eləməyi barəsində məqalə yazmadım. Odur ki, buradan sənə teleqraf göndərdim ki, haman şəkli 31-ci nömrəyə qoyasan ki, məqalə göndərə biləm. Çünki 30-cu nömrəyə dəxi məqalə çatdıra bilmənəm. Bir neçə günə haman məqaləni göndərərəm, 31-ci nömrəyə qoyarsan. Cəlil * * * Əzizim Məmmədəli! (18 avqust 1910) 30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum. Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan. Manyaya de ki, mən ondan nigaranam və kağızıma cavab gözləyirəm. Bir həftə, on günə kimi də burada qalmalıyam. Sonra gəlib Tiflisdə bir həftə qalacağam və genə gələcəyəm kəndə, iki ay burada qalacağam. Yazmışam Naxçıvana Mahmud gəlsin bizə, yəni kəndə. Amma bir xəbər yoxdur. İrəvandan bizim Ələkbərə kağız gələn kimi göndər buraya. Bundan sonra adresimi belə yaz (çünki gəlmişik kəndə): St.Aqdam, Şuşinskoqo uyezda. Djalilu Mamed-Kuli-zade, redaktoru “Molla Nasreddin”. Teleqraf üçün: Aqdam. Mollanasreddin. Evdən-eşikdən muğayat ol. Səy elə ki, jurnal xarab olmasın. Hələ ki, xudahafiz. Cəlil * * * Məmmədəli! (23 avqust 1910) Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən. Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka. Mənim fikrim budur ki, Təbrizdən Qafarxanov əlli manat rus bankı vasitəsilə bizə pul barat edəndə haman pulu biz yetirək Həmidə xanımın adına Volcski-Kamski banka. Pul gələndə bu məsələni bankdan öyrən ki, mən yazdığım kimi eləyək. Povestkaları da biletlə göndər bura, qol çəkim, qaytarım. Və Mərdanovun pulu barəsində yaz görüm nə eləyə bildin. Qəzetləri və vacib kağızları buraya göndər. Bir neçə günə gələrik. İsmayılla povestkaları göndər, yazım pul ver. Və məndən Mirzə Əliyə və İsmayıla dua yetir. Cəlil * * * Məmmədəli! (25 avqust 1910) Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam. İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm. Satılmağa göndərilən jurnalı, ağlın kəsəni göndər, kəsməyənləri göndərmə (köhnə nömrələri deyirəm) və dəftərə qeyd elə ki, yadda qalsın. Hazırlaşırıq gəlməyə. Mirzə Əlinin kağızını və beş manatı bu gün yetir. Cəlil * * * Tiflis. “Molla Nəsrəddin”. Sidqi Ağdam, 29 avqust (1910) 37-ci nömrə dedikcə yaxşıdır. Çox sağ ol. Cəlil * * * Məmmədəli! (4 sentyabr 1910) Mən bilmirəm Bıxovun vekseli, 15 manata, sentyabrın beşinədir, ya onuna. Mənim cib kitabçalarımın birində yazılıb veksellərin müddəti. Tap, bax və mənə tez yaz. Povestka, genə hər nə olsa, tez göndər, qol çəkim, göndərim. Bəlkə bir-iki gün yubandıq. Kağız və qəzet olsa, göndər. Təzə xəbər olsa, yaz. Veksel barəsində tez cavab yaz. Dostunuz Cəlil * * * Əzizim Məmmədəli! (4 oktyabr 1910) Bu gün tel vurdum ki, Manya gəlməsin və kabinet boşalsın. Bu sözlərin mənası budur ki, Vera Akimovna evdən çıxsın. İki gün bundan qabaq Səmədovlara tel vurdum ki, sənə 50 manat versin. Al, lazım olan yerə xərclə. İşim çoxdur. Tezliklə müfəssəl kağız yazaram. Münəvvərin paltarını al. Cəlil * * * Əzizim Məmmədəli! (25 oktyabr 1910) Göndərdim sənə 25 manat. Evdən ötrü xərclə. İsmayıldan üzr istəyirəm. Söz verirəm ki, gələn poçt ilə ona pul göndərim. Mən kefsizəm. Qıçlarımı yel tutub. Yazmışam Faiq əfəndi gəlib sənə kömək eləsin. Şmerlinq və Rotterə özüm kağız yazaram. Cəlil * * * Əzizim Sidqi! (11 dekabr 1910) Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə. Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir; biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəbi də budur ki, qıçlarım gecə və gündüz ağrıyır. Qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam. Mən hazırlaşıram gələm, amma bir o qədər də işim var. Əgər 20- sinədək gələ bilməsəm, yüz manatı göndərərəm, verərsən banka, vekselimi oradan çıxardarsan. O vədəyədək Bıxovdan soruş, bil, vekseli hansı banka qoyub. Əgər pulu teleqraf ilə göndərsəm, əlbəttə, ayın iyirmisini gərək keçirməyib, pulu banka verib, vekseli gərək alasan. Təzə abunə dəftəri barəsində belə eləmək lazımdır: kağız sənə çatan kimi mən göndərdiyim səhifəni ver İsmayıl təzə abunə üçün bir sərlövhə düzsün, onun altından klişeni qoysun və başlar dəxi qoyulmasın. Başların yerinə də nabor düzülsün, jurnal öz qaydası ilə həftə-bəhəftə çıxsın. Yəni kağız sənə yetişən gündən bu növ abunə elanı çap olunsun hər nömrədə. Curnalın təxirə düşməyi barəsində bir söz jurnalda yazma. Hər kəs ki, beş manat göndərib, biz onun jurnalını təzə ildən kəsmənik, ta ki, əlli iki nömrə ona çatmayınca. Yəni təxminən təzə ilin onuncu nömrəsinədək. O vədəyə təki mən özüm, söz yox, gələrəm və danışarıq. Mən bilmirəm poçtdan pul alırsan, ya yox. Əgər alırsansa, nə tövr alırsan ki, mənim imzam yoxdur? Əgər almırsansa, nə əcəb ki, bu qədər vaxtda heç səsin gəlmir?! Bu kağızın içində Artistiçeski klubun kağızını göndərdim. Əhmədə de ki, o kitabları ki, klubdan alıb, kimə veribsə, tapıb aparıb versin yerinə, çünki mənim xəbərim yoxdur. Gələn poçt ilə məqalə və şəkil göndərərəm. Hələ ki, xudahafiz. Cəlil * * * Əzizim Məmmədəli! (2 yanvar 1911) Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm. Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür. Perevod blanklarını yaxşı saxla ki, təzə abunələr müəyyən olsun. Qalan işləri də ki, özün bilirsən. Bıxova və Sergeyevə bir qədər pul vermək olar. Habelə Rotterə və Şmerlinqə. Əbilin, Manyanın və Əhmədin kefini soruş. Odundan və yeməkdən yana korluq çəkmə. Evinizə də qədərincə pul göndər. Cəlil * * * Əzizim Məmmədəli! (29 yanvar 1911) Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla. Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar. Hazırlaşıram gələm, amma ayaqlarım ağrıyır, qorxuram şiddət edə. Gözləyirəm havalar bir az xoş olsun. Sən isə xərcləri bir az qənaət ilə elə, yeməkdən savayı. Çünki əgər indidən biz abunə pullarından zapas saxlamasaq, jurnalı saxlaya bilmənik. Hərdənbir müxtəsər hesab mənə göndər ki, bilim nə qədər pulumuz kassada var. Evinizə lazım olan pulu göndərməyə muxtarsan. Elə elə ki, evinizdə korluq çəkməsinlər. İsmayılı da puldan yana gözlə. Xudahafiz, Cəlil * * * Əzizim Məmmədəli! (1 mart 1911) Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun. Sabirin əhvalından mənə hər dəfə yaz. Genə kefim yoxdur, yaza bilmirəm. Həmidə iki-üç günə gələcək Tiflisə. Cəlil * * * Əzizim Məmmədəli! (14 may 1911) Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir. Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat. Cavab və hesab gözləyirəm. Uşaqlara dua yetir. Sarabskinin və Üzeyirin adreslərini mənə yaz. Cəlil Göndərilib: yeddinci nömrə – beş yüz, səkkizinci – dörd yüz, onuncu – beş yüz, on birinci – dörd yüz əlli ədəd. * * * Həmidə! (10 oktyabr 1911) Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən. Cəlil * * * Əzizim Həmidə! (14 dekabr 1911) Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq. Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl. Dərmanı dünən poçtla göndərdim. Kağızını Belorezskiyə oxudum, məsləhət görür ki, hətta Ələsgər bəyin borcunun da bir hissəsini verməyəsən. Bizdə elə bir təzə əhvalat yoxdur. Sənə rus qəzetləri göndərdim. İrandakı hadisələrdən və başqa əhvalatlardan xəbərdar olarsan. Mən yenə jurnalla məşğulam. Ələkbər necədir? Haçan gələcək? Mina üçün haçan pul göndərəcəksən? Gözləyir. Bu gün Midhəti çimdirəcəyik. Başım ağrıyırdı. Həkimə getdim. Sən demə, qan təzyiqimdən imiş. Dərman verdi (toz halında yod). Məxləs, bilmirəm mənim başıma nə oldu axı? 17 nömrəli Yesentuki də içirəm. Xudahafiz. Qurtar, gəl. Özünü gözlə. İbiş bəyə salam. Cəlil * * * Məmmədəli! (1911) Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram. Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik. Əlbəttə, Şeyx Ələsgərə mənim bu kağızımı nişan ver və de ki, 14 manatı müzaiqə eləməsin. Açarı Üzeyirlə göndərirəm, jurnal otağındakı şkafda olacaq poçt bileti. Povestkaları göndərəndə bileti də göndər ki, sənin adına yazım, alıb Bağırovun da borcunu verəsən. Jurnal gəldi. Yaxşı çıxıb. Razı oldum. Səy elə ki, bu ay qalanları da çıxsın. Üzeyirlə bu kağızın içində altı manat da göndərdim. Əlbəttə, baqajı da göndər. Satılmalı jurnalları da göndər, bir az da saxla, evxərci edin. Tezliklə sənə, əlbəttə, pul yetirərəm. İsmayıla da pul göndərərəm. Cəlil * * * Məmmədəli! (1911) İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt. Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur. Bizim aşağıdakı qonşuların qızları ilə altı manat göndərdim. Bu pulu haman saat zəhmət çəkib yetirərsən Yekaterina Nikolayevnaya. Məhəmmədhəsən bilir harada olur. Əgər Məhəmmədhəsən uzaq olsa, sən özün tap ver ki, çox və çox vacibdir. Əlbəttə, təxirə salma. Yeri belədir: Sudebni küçədən bir küçə dönür sol tərəfə, Zubalovski küçədir. Nömrə Z. Zubalovun yersizlər üçün tikdirdiyi imarətin sağında, alt mərtəbədir. Zubalovski, № 3. Poçta pul varsa, biletlə povestkaları göndər. Mərdanovdan üzr istə və söz ver ki, bu günlərdə verərik. Qəzetləri göndər. Vacib əhvalat olsa yaz və vacib kağızı göndər. Münəvvəri çox teatr və gəzməyə məşğul eləməyinə mən səndən narazıyam. Münəvvərdən yerdən-göyə kimi incimişəm. Səni də hələ başa düşə bilmirəm. Allah axırını xeyir eləsin. Mənə kağız yazanda altı manatın sənə vüsulunu və yerinə yetirməyini yaz. Cəlil * * * Əzizim Məmmədəli! (1911) Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək. Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən. Heyf ki, damağ olmur baş məqalə yazmağa, amma eybi yoxdur, çünki jurnal pis çıxmır. Həmidənin sənə duası var. Cəlil * * * Əzizim Məmmədəli! Mən hələ burada, Xankəndindəyəm. Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram. Cəlil * * * Həmidə! (1911) Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və mən əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək. Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib. Sən demə axır vaxtlarda Bərdə və Şuşa məscidlərində aramsız mübahisə gedirmiş ki, Molla Nəsrəddin kafirdir, ya yox. Şamil bəylə birgə Yevlaxa gəldim. Sənə dörd şüşə “Borjom” göndərirəm. Midhəti xətrim yaman istəyir. Hələlik. Üç həftədən sonra gələcəyəm. Cəlil * * * Mənim əzizim Həmidə! dekabr (1911) Tiflis 17 Ələkbər dünən yola düşdü. Göndərdiyin 100 manatı aldım. Manyaya da 7 manatı verdim, özü üçün uzunboğaz çəkmə aldı. Biz hamımız sağ-salamatıq. Uşaqların həmişəki kimi kefi kökdür. Ənvər adam tanımağa başlayıb və elə hey gözləri məni axtarır. Məni o birilərdən seçir. Mənə belə gəlir ki, ona mənim bığlarım xoş gəlir. Abunə işi yavaş-yavaş gedir. Sən istəyirsən ki, mən Midhətlə ora gəlim. Amma, Həmidə, gör sənə nə deyirəm: bu gün dekabrın 17-si, şənbə günüdür. Mən çalışıb 45-ci nömrəni çapa göndərmişəm. İndi İsmayıl material gözləyir ki, tez o biri nömrəni çap eləsin. Mənim çalışmağım ona görədir ki, ilin axırınadək 48 nömrə göndərim. Bu da o zaman mümkün olar ki, həmişəkindən artıq işləyək. Deməli, əgər mən dekabrda çıxıb getsəm, jurnalın nəşri dayanar və bu həm çox yersiz olar, həm də abunə babətdən əl verməz. Bax, mən belə məsləhət görürəm: tezliklə, axı, pambıq qurtaracaq. Gürcüləri yola sal getsinlər, anbarları möhürlə, işləri bir adam tapıb tapşır və dekabrın axırı üçün çıx gəl bura. Biz də sənin üçün darıxırıq. Vallah, evdə sənin yerin görünür. Bir də, axı, qışda Tiflis, ümumiyyətlə, yaxşı olur. Əgər gələ bilməsən, onda gərək iki şeydən biri olsun: ya gərək mən münasib bir vaxtda jurnalı atıb gələm, ya da gərək ən tezi yanvarın 10-dan sonra gələm. Hansını istəyirsənsə, özün seç. Sən nə zaman tələb eləsən, mən onda uça-uça Həmidəmə özümü çatdıraram. Uşaqlardan nigaran qalma. Özünü gözlə və çox da ciddi məsələlərlə məşğul olma. Dəyirmana gəldikdə, mənim fikrimcə, Şidlovskidən əl çəkməyin və turbin əvəzinə dəyirmanı başqa cür qurmağın mənası yoxdur. Kağız yaz. Hamımız səni qucaqlayıb öpürük. Cəlil * * * Əzizim Məmmədəli! (1911) Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat. Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər). Bu səbəbdən sənə mən bu gün həmin kağızın içində 350 manata bir dənə çek göndərdim. Əgər əlində abunə pulu olmamış olsa, ya az olsa, bankdan bu pulları al və ayın on beşini keçirməyib vekselləri çıxart. Bu şərtlə ki, abunə pullarından 350 manat düzəldən kimi aparıb haman Voljski-Kamski banka genə Həmidənin adına qoyasan. Bu barədə, söz yox ki, yazarsan. Evdən və uşaqlardan əhvalat yaz görək necədirlər? Cəlil İsmayıla salamım var. Mirzə Əliyə habelə... * * * Həmidə! (14 iyul 1911) İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim. Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər. Hələlik. Ev-eşikdə işlər yaxşıdır. Cəlil * * * Məmmədəli! (23 avqust 1911) Bu gün zakaznoy kağız içində 50 manatlıq çek göndərdim. Kağızı tez al və pulu al haman bankdan Bıxovun 50 manatlıq vekselini çıxart, saxla. Təfsili haman kağızdadır. Cəlil * * * Əzizim Məmmədəli! (1911) Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə? Evdən və uşaqlardan muğayat ol. Müzəffər çox gəzməsin və səy eləsin. Münəvvərin paltarını al və nə lazım olsa, birbəbir elə. Hər nə sözün olsa, yaz. Qəzetləri göndər. Cəlil * * * Əzizim Həmidə! (1 fevral 1912) Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm. Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır. Veksellərin müddəti altı aydan artıq olmamalıdır. Əgər müəyyən məbləğdə başqa bir veksel də göndərsən, onun da pulunu alıb sənə öz məsarifin üçün göndərərəm. O vaxtadək, fevralın 20-də mən kəndə gələrəm və Midhətin qanı qaralsa da, orada çox qala bilməyəcəyəm. Bu gün İrəvana Kazımbəyova yazıram ki, çalışsın Ələkbər həbs cəzasını Şuşa, ya Ağdamda çəksin. Jurnalın işləri bir o qədər yaxşı deyil. Digər tərəfdən məni dəyirman məsələsi və qalan su qüvvəsindən səmərəli istifadə eləmək məsələsi maraqlandırır (molotilka və dcin). Yaz üçün istəyirəm işləri İsmayıla tapşırıb, çəpərdə mədəni surətdə pambıq əkini ilə [məşğul olum]. İki həftədən sonra Şamil bəyi də özümlə oraya gətirmək istəyirəm. Mənə belə gəlir ki, o, başlı adamdır. Kultivator da gətirəcəyəm (alaq otunu və kol-kosu at gücünə təmizləmək üçün). Yusif xanın sifariş verdiyi şeyləri də gətirəcəyəm; habelə stulları və palazları. Ələkbərin verdiyi 100 manat jurnalın borclarına getdi. Amma iş ondadır ki, daha mənim Həmidədən bir qəpik də tutub almağa ixtiyarım yoxdur. Sən, onsuz da, pulsuzsan. Mən demək olar, qət eləmişəm ki, payızdan jurnalın nəşrini dayandıram. Bu barədə sonra danışarıq. Uşaqları öpürəm. Sənə və qardaşıma salam. Fikrimdə səni bərk-bərk qucaqlayıram. Cəlil * * * Həmidə! (14 fevral 1912) Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib. Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm. Rus qoşunları İrandan qayıdır. Trablisdə böyük vuruşma olub, türklər qalib gəliblər. Ona görə də İtaliya Kiçik Asiyadakı türk limanlarını bombardman eləyir. Burada yağış yağır. Müzəffər indi mənim yanımda idi. Hamı səlamətdir. Fevralın axırı üçün gələcəyəm. Veksellərin vaxtı barəsində çalışaram; amma, hər halda, pul olsa, poçtla göndər (veksellər üçün). İstəkli kəhrizlilərsiz, xüsusilə Midhətsiz yaşamaq çox çətindir. Qızlar salam göndərirlər. Ağacları fevralın axırı üçün gətirərəm. Öpürəm. Cəlil * * * Əzizim Məmmədəli! (7 mart 1912) Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram. Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur. Qəribə budur ki, səni çox vaxt Mirzağa ilə bir yerdə görürlər, amma elə [... ] dost olmağını istəməzdim. Mən bu gün gedirəm kəndə. Oricinal da yoxdur. İsmayıl səndən oricinal gözləyəcək. Nə qədər mümkün eləsən, çox yaz. Xırda xəbərlərdən, məzəli şeylərdən, məqalələrdən – hər nə yazsan, qeyri yazanların hamısından xoşdur. Bir də ehtiyatlı yaz ki, bir şəxsiyyətə toxunmasın. Çünki dəxi mən görməyəcəyəm, İsmayıl mənə göndərməmiş çap edəcək. Nə vaxt məktəbdən azad olsan, gəl Tiflisə, jurnalı dolandır. Hamılıqnan səni soruşurlar. Dostu bacını görəndə de ki, onu soruşurduq. Evinizə tez-tez xərclik göndər. Cəlil * * * Həmidə! (27 noyabr 1913) Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir. Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam... Pristavın ən yaxşı yoldaşları Kərbəlayı Cəfər və Həsən, Şahmallardan isə Səmədlə İsgəndərdir. Birinci ilə ikincinin nə üçün bu yola düşdüyü aydındır, o biriləri niyə belə eləyir, onu bilmirəm. Biz ki, bunların xətrinə dəyməmişik?! Gərək biz pristav haqqında nə isə bir şey yazaq, yoxsa bu işi özbaşına qoymaq olmaz. Amma mənim əlimdə malikanəni idarə eləmək barədə vəkalətnamə yoxdur. Əvvələn, gərək biz pristavdan samanı, taxıl dərzlərini, xırı tələf eləməsi barədə şikayət yazıb verək. Doğrudan da, bizim adamların hamısı deyir ki, pristavın stracnikləri bütün bu şeyləri elə tələf eləyiblər ki, heç yarısı da qalmayıb. Bilmirəm, bəlkə də bütün bunlar xırda şeylərdir, ancaq adama axı, toxunur! Ona havayı rahat mənzil verərsən, o isə heç bunu saya da salmasın? Elə bil, biz hamımız bu ağanın rəiyyətiyik və gərək əlimizdən gələn qədər ona qulluq eləyək. Bu gün köməkçisi Usubu göndərmişdi ki, tutulub saxlanılmış üç buğanı qaytarsın. Mən də pristavın dalınca dişimin dibindən çıxanı dedim, onu hədələdim. Sən narahat olma, çünki o mənə heç nə eləyə bilməz. Mənsə onu axıradək qovub nəfəsini kəsməyə çox həvəskaram. İşə bax ki, belə bir fırıldaqçı vücudu pristav qoyurlar. Bu, Kovalyovun böyük qüsurudur. Hələlik. Cəlil * * * Əziz Həmidə! (1913) Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram. Sənin Cəlilin * * * Həmidə! (1 aprel 1914) Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir. Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir. Yavaş-yavaş jurnal üçün yazmağa başlamışam. Hekayələri Orucovlara göndərmək fikrindəyəm, yayda söz vermişəm. Hərçənd Tiflisdə Zeynal da xahiş edir ki, ona verim. Deyilənlərə görə, artıq qubernator gəlib. Çəyirtkəni səylə qırırlar. Təzə bir xəbər yoxdur. Tez gəlsən şad olarıq. Uşaqları öpürəm. Minaya və Yusifxana salam. Cəlil * * * Məmmədəli! (1913, ya 1914) Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri. Cəlil * * * Əzizim Həmidə! (7 iyul 1914) Tiflis Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin. Ələkbər yazır ki, kəndə bərk yağışlar yağıb, dərzlər qaralıb, pambığa isə ziyan dəyməyib. Xankəndinə gedəndə Yevlaxdan sənə kağız yazaram. Ənvər tamam sağalıb. Ələkbər bir neçə gün qabaq Ağalarla onlara xərclik göndərib. Mən də poçtla oğlanlara və qızlara ayın-oyun göndərmişəm, amma jurnalın nəşri babatdır. Ümidvaram ki, üzümüzə gələn ildə jurnalın işlərini yoluna salacağam. Dünən Zeynal teleqram vurub, Yesentuki üçün 120 jurnal istəyib. Başa düşmürəm o, bu qədər jurnalı orada necə satacaq. Kağızımı alan kimi mənə cavab yaz. Xudahafiz. Cəlil * * * Əzizim Məmmədəli! (11 yanvar 1915) Tiflis Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz. Əhvalat bu qərar ilədir: mən, – necə ki, sənə də yazmışdım, – Tiflisə gəldim ki, jurnalı çıxardam və çünki fikrim keçən vaxtlara gedirdi ki, hər bir şey bol, ucuz, pərgar. Mən bir qədər məbləğ təyin eləmişdim ki, köhnə sayaq ilə jurnalı başlayıb, dostların köməkliyilə yeridərəm. Amma işlər özgə bir surətdədir. Əvvəla, Tiflisdə kağız yoxdur, az-çox nə varsa da birə üç bahadır. Habelə, litoqrafiya xərci genə birə üç bahadır. İkinci, evlər, yəni mənzillər genə birə üç bahalanıb. Xülasə, işləri belə görüb, mən mülahizə elədim ki, öz gücümlə, yəni kənar pul köməkliyi olmasa, jurnalı həmişəlik mən saxlaya bilmənəm, yəni yarı yolda arası kəsilər, genə oxucular yanında xəcalət olaram. Yoldaşım Əliqulunun müharibə səbəbindən Culfadakı mülk işləri bir növ pozulub və bu cəhətdən bunun da tərəfindən maddi köməkliyə ümidvar ola bilməzdim. İndi, əzizim, mətləbi başa düşdün və görürsən də ki, əgər Bakıdan bizə köməklik olmasa, bu halda jurnalı çıxara bilməyəcəyəm. Hələ götürək kağız məsələsini. Deyirlər, Bakıda kağız var. Yaxşı olardı ki, sən orada kağız kantorlarına gedib əhvalı biləydin. Varsa qədərini və qiymətini biləydin və biləndən sonra, bir tərəfdən, mənə yazaydın və bir tərəfdən də hali olaydın görək sənə verilən pul vədlərinə ümid bağlamaq olar, ya yox. Əgər pul verən varsa, görək nə şərtlə verir və nə qədər verir? Sən bilirsən ki, hər şərtə razı olmaq olar, amma naşirlik imtiyazı gərək öz əlimizdə qala. Bakıda “Molla Nəsrəddin” yazmaq olmaz, necə ki, sən özün də deyirsən. Və lakin pul verəni hər nömrədə “naşir” yaza bilərik ki, onun pul köməkliyi camaata məlum olsun. İndi sən bu barədə əhval tut və mənə də tez cavab yaz. Çünki iş baş tutmasa, genə məcbur olacağam bir qədər də jurnalı təxirə salmağa, ta dava qurtarana kimi. Belə də olanda dəxi Tiflisdə qala bilməyəcəyəm. Çünki uşaqlar oradadır, onlarsız qərarım gəlməz. Sizin də uşaqları könlüm istəyir, xüsusən Məhəmmədhəsəni. Amma mənə bir sürtuq borcludur ha!.. Xudahafiz. Dostun Cəlil * * * Həmidə! (30 mart 1916) Tiflis Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada “İslamiyyə” mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir? Cəlil * * * Həmidə! (14 aprel 1916) Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək. Mənə yay pencəyimi və ciletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın. Mən “İslamiyyə” mehmanxanasında, 2-ci otaqda oluram. Bakıda aprelin axırına qədər qalacağam. Əhm[ədbəy] kəhrizinin planı barədə yazacağam. Mənim qırmızı cildli türk lüğətimi (iki cild) göndər; kravatımın yanındakı taxçadadır. Cəlil * * * Hindarx, Həmidə xanım Cavanşirə (30. 04. 1916) Bakı Pyes qeyri-adi bir müvəffəqiyyət qazandı. Ağzına qədər dolu olan teatr hər fasilədə müəllifi gurultulu alqışla təbrik edirdi. Tamaşadan iki min beş yüz manat hasil olub. Bu günlərdə Aşqabada gedirəm. Hamıya salam. * * * İzhari təşəkkür “Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar. Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq. “Ölülər” faciəsini yazan: həqir Molla Nəsrəddin “Son xəbər” qəz., 13 may (1916). * * * Həmidə! (12 iyul 1916) Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram. Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz. Srağa gün Həştərxanda Şəhər dumasının zalında mühazirə oxudum. Cəlil * * * Əzizim Məmmədəli! (10 fevral 1917) Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim... Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm. Əgər bundan sonra çalışsan və o fikirdə olsan ki, jurnala da qeyrətlə xidmət edəsən, özünə də az-çox zəhmət haqqı ələ gətirəsən, o vədə söz verirəm ki, səndən savayı dəxi bir kəsə göndərməyəm. Uşaqlardan mənə, əlbəttə, məlumat göndər və sən müəllimlikdən niyə çıxdın, onu da yaz. Mənim xalisanə salamımı bacıma yetir və mənə görə sözü olsa, sən sədaqət ilə yaz görüm səndən gileyli deyil ki? Cəlil * * * Məmmədəli! (23 ya 24 fevral 1917) Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu. “Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu. Cəlil * * * Həmidə! (11 iyun 1917) Tiflis Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol. Sənin Cəlilin Mina və Yusifxan haqqında mən də heç bir şey bilmirəm. * * * Məmmədəli! (14 iyul 1917) Genə bir aydan artıqdır ki, səndən xəbər yoxdur. Nədir səbəbi? Cəlil * * * Əzizim Həmidə! (14 sentyabr 1917) Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclıqdır. Bu məni yaman pərişan eləyib. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? Heydərin harada olduğunu və onların bazar günü yazdığım xəbərləri sənə çatdırıb-çatdırmadıqlarını bilmirəm. İndi Şuşadan nümayəndə heyəti gəlmişdi, baxırdılar görsünlər ki, bütün bu işlər necə qurtaracaq. Bu gün sənə poçtla pul göndərə bilmədim, çünki cümə günü olduğuna görə bu gün tacirlərin heç biri yerində deyil. Bazar günü üç araba un göndərəcəyəm, qoy uşaqlar sənin üçün [... ] hazırlasınlar. Özümsə imkan olan kimi gələcəyəm. Sənin təsərrüfat işlərin hamısı öz qaydasındadır. Cəlil * * * Məmmədəli! (17 sentyabr 1917) Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır. Neçə ədəd göndərilməlidir? Tez xəbər ver. Cəlil * * * Həmidə! (24 fevral 1919) Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram. Cəlil * * * Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova 11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm. Cəlil Məmmədquluzadə * * * Müzəffər! (6 sentyabr 1922) Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin. Cəlil * * * Həmidə! (7 noyabr 1922) Bakı Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik. Uşaqlar nə istəyirlərsə ver. Hələlik, sağlıqla qal. Cəlil Çox güman ki, müəllimlə, ya da Tkaçovla gələcəyəm. C. * * * Əzizim Həmidə! (15 noyabr 1922) Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin. Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar. Dünən Mina ilə gedib Münəvvərə Şevro ayaqqabı sifariş verdik. Hazır olan kimi, sənin üçün və Münəvvər üçün alacağım corabla birgə göndərərəm. Bizdə təzə bir şey yoxdur. Hamıya salam. Əz on cümlə Müzəffərə. Cəlil * * * Fəzilətli Fərəculla Pişnamazzadəyə (21 noyabr 1922) Əziz olan qardaşım! Bir vaxt bunu bəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və armud çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən-keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir: dədə, görəsən, Əhməd nə yekəlikdədir? Qızım Pakizə soruşur: görəsən, Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxuya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həm ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var. Və gec-gec kağız yazmağımı kənara qoyub inanmalısınız ki, Nuxu dünyasını mən həmişə Sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm nə vəziyyətdəsiniz, nə məşğələdəsiz! Bəlkə mənim kimi Siz də bir qədər yorğunsunuz və bəlkə mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbəti birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxası deyil. Uşaqlara atalıq salamım, Sizə qardaşlıq xeyir-duam. Sağlıqla yaşayın, qardaşınız Cəlil * * * Həmidə! (1 fevral 1923) Bakı Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşluğu eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim sənə yazacağam ki, bütün bu işlər, kəhrizlər və kəhrizlilər səni təngə gətirən kimi, dərhal çıxıb Bakıya gələsən. Oranın əksinə burada sakitlikdir. Mən də, uşaqlar da dedi-qodu, qanqaralıq nə olduğunu bilmirik. Dəyirman birdəfəlik dayansa belə, biz hələlik Bakıya köçüb, öz uşaqlarımızla məşğul olmalıyıq. Hələlik, Allaha şükür, mənim ədəbiyyat aləmində işləməyə iqtidarım çatır. Əgər qocalıb əldən düşüncəyə qədər yaşasaq, onda, bir tərəfdən, saysız-hesabsız dostlarım məndən iltifat nəzərini kəsməz, o biri tərəfdən də uşaqlarımız böyüyüb bizə kömək elərlər. Dediyim odur ki, sən elə bilmə gərək biz mütləq dəyirman və bəhrənin hesabına dolanaq. Hətta, mən belə güman edirəm ki, əsərlərimin nəşri uşaqlarımızın əlini çörəyə çatdıra bilər. Əgər indi soyuqlardan qorxursansa, onda Novruz bayramında gələ bilərsən. Xülasə, mən istəyirəm həmişə yadında saxlayasan ki, əgər sən bizim yanımıza gəlsən, bu, uşaqlar üçün böyük bir bayram olar, mən də uşaqlarımı xoşbəxt görüb, çox şad olaram. Hər halda sən dəzgahların vəziyyəti haqqında mənə müfəssəl məlumat yaz. Həmçinin yaz ki, indi nə qədər sap lazımdır. Qaloşunun ölçüsünü göndər, sənə qaloş alım. Məxləs, yaz görüm sənə daha nə göndərim? Mina və uşaqlar salamatdırlar. Uşaqlarımız tamam sağalıblar, məktəbə gedirlər. Axşamlar isə Suvorov müəllimlə dərslərini hazırlayırlar. Doğrusu, mən çox istədim ki, uşaqlardan heç olmazsa birinə tərbiyə verməkdə Əliş bəyə kömək edəydim; sən bunu ona de. Onun axır vaxtlarda bizim ailəmizə elədiyi yaxşılıqları mən yaddan çıxara bilmərəm. Ona görə də uşaqlarını oxutdurmaqda ona əlimdən gələn köməyi eləməyə hazıram. Sən də mənə yaz görüm bu barədə nə eləmək olar. Mən Cəlalın da oğluna kömək etmək fikrindəyəm. Səadət xalaya, Əliş bəyə, Süleymana və Cəlala mənim salamımı yetir. Müzəffər necədir? Göndərdiyim baqacı tamam-kamal alıb evə gətirdimi? Jurnalımız çıxır: qoy Müzəffər Süleymanla haqq-hesab eləsin. Ona birinci nömrədən on birinci nömrəyə qədər, hərəsindən 10 nüsxə göndərirəm. O, jurnalı üstündə yazılan qiymətə satmalıdır. İyirmi faizini, yəni yüz milyon manatdan iyirmi milyonunu özünə götürməli, səksən milyonunu isə bizə göndərməlidir. Hələlik. Salamat qal, özündən muğayat ol. Cəlil * * * Müzəffər! (6 fevral 1923) Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya. Hələlik. Xudahafiz, əziz uşaqlar. Cəlil * * * Həmidə! (18 mart 1923) Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar. Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim. Bayram münasibətilə hamımız səni təbrik eləyirik. Bayram günü hamımız fikrimizdə səni və Müzəffəri öpəcəyik. Həmçinin Əliş bəyi, Səadət xalanı, Fəxri xanımı, bütün qalan xanımları, Cəlalı, Qəzənfəri, Süleymanı bayram münasibətilə təbrik edirik. Sən çox da işə aludə olub, özünə əziyyət vermə. Elə ki, bütün o işlər səni bezikdirdi, dərhal çıxıb gəl. Burada maraqlı şey çoxdur. Teatrın qızğın vaxtıdır. “Anamın kitabı”nı dalbadal üç dəfə tamaşaya qoydular. Həmçinin “Ölülər”i. Bu günlərdə mənim yeni komediyamı, “Danabaş kəndinin məktəbi”ni göstərəcəklər. Aprelin 7-də isə Ağamalıoğlunun və pedaqoci institutun təşəbbüsü ilə böyük bir Molla Nəsrəddin gecəsi keçiriləcək. Gecənin ilk məsarifi olaraq 36 milyard pul buraxılıb. Hazırda iki komissiya işləyir. Gecə pedinstitutun nəfinə keçirilir. Bu gecəni keçirmək üçün məndən razılıq alıblar. Münəvvər hazırlaşır və indi özü üçün ipək paltar tikdirir. Mina da hazırlaşır. Onlar, yəqin, həmin gecə ev sahibi vəziyyətində olacaqlar. Gecədə gələnlərə başçılıq və hörmət eləmək üçün M. Muxtarova, Nərimanova, Ağamalıoğlunun xanımı və işlərə rəhbərlik eləmək üçün institutdan iki qadın dəvət olunmuşdur. Fəxri sədrlər – Musabəyov, Nərimanov və Ağamalıoğludur. Mənim üç pyesimin hərəsindən bir pərdə göstəriləcək, sonra mənim jurnallarımdan [parçalar] veriləcək. Xudahafiz. Cəlil * * * Cəlil (22 mart 1923) Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir. Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər. Odur ki, kəhrizləri beş il müddətinə mənə və Əlişə icarəyə verdilər. Şəraitin ağır olmasına baxmayaraq, biz ona görə bu işə girişdik ki, qocalıqda doğma yurdu buraxıb getmək çətindir. İki ay çalışıb çapaladıq, vəsait və fəhlə qüvvəsi tapıb, bərbad hala düşmüş kəhrizləri birtəhər təmizlədik... Həmidə * * * Misli bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə (Bakı, 12 aprel 1923) Hər iki məktubunuz yetişdi, nəhayət, şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siz tək nadirəlvücudlar cızma–qaralarımızı təqdir edirsiniz. Məktubunuzun yetişməyi Həmidə xanımın Bakıya gəlməyinə təsadüf etdi. Hamılıqla Sizə və yoldaşınız Xanım bacıya və nuri-çeşmimiz bəradərzadələrə səmimi dua göndəririk. Hamılıqla Əhməd Nasirin də, Böyükağanın da, Səkinə və Siddiqə xanımın da üzlərindən öpürük və ümid edirik ki, həmin bu dostluğumuz nəinki müvəqqəti, bəlkə baqi ola. Amma balaca oğlum Ənvərə, böyük oğlum Midhətə göndərdiyiniz bir qutu sovqat bunlar üçün toy-bayram oldu. Allah-taala Sizin də balaları həmişə xoşbəxt eləsin. Bundan sonrakı kağızınızda xahiş edirəm onların dərs və tərbiyələri barədə balaca məlumat verəsiniz ki, məsələnin mahiyyətli tərəfi budur. Ümidvaram ki, yadınızdan çıxmayacaq. Sizin üçün bu ildən birdən əvvəl doqquzuna kimi və Təbriz nömrələrindən altı nüsxə göndərdim. Bundan sonra da Sizə göndərilməkdə olacaq. Sizi qəlbən istəyən Cəlil Məmmədquluzadə * * * Əzizim Həmidə! (7 iyun 1923) Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir? Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir. Hamıya salam. Uşaqlarda, xüsusən Midhətdə, əzizim Ənvərdə və o birilərdə gözün olsun. Xudahafiz. Sənin Cəlilin Sənin üçün 38 nömrə qaloş gətirsəm, ayağına yaxşı olarmı? Tapşırıqlarını gözləyirəm. * * * Əzizim Həmidə! (26 iyun 1923) Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam. Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər. Dustaqlar, at və silah barədə mən lazımi adamlarla danışmışam. Amma, Həmidə, vallah, mən kənd işləri barədə bu xahişlərdən tamam başımı itirmişəm. Çünki mən xahişlə bir işi düzəldincə kənddən bir neçə xəbərçilik kağızı gəlir. Ona görə mən belə hesab edirəm ki, bizim bircə çıxış yolumuz var: o da birdəfəlik şəhərə köçməkdir. Dəyirmanı icarəyə ver, faytonu sat, ya da şəhərə gətir. Nəhayət, axı, sənə də dinclik lazımdır. Münəvvər üçün tibbi alətləri bir neçə gün əvvəl poçtla Ağdama – Müzəffərin adına göndərdim. Tənzif yadımdan çıxıb şkafda qalıb. Güzgü və çanaqölçən hələ tapmamışam, tapan kimi göndərərəm. Lida oraya gəlməli olmadı, onun xoşuna gəlməyib ki, mən Cəlalı Kəhrizliyə göndərmək fikrimi dəyişmişəm. Mənsə fikrimi səndən əkinlərin tələf olduğu barədə xəbər alandan sonra dəyişdim. Lidanın nə üçün acıq elədiyi mənə aydın deyil. İndi bizim onunla heç bir əlaqəmiz yoxdur. Qoy Müzəffər onu özü çağırsın, məni bu işə qatmasın. Canın-başın necədir? Uşaqların, Müzəffərin, Əliş bəyin kefləri sazdırmı? Nə üçün bu vaxtadək kənddə qalmısınız? Niyə mənə tez-tez kağız yazmırsan? Heç nədən korluğun yoxdur ki? Səbrsizliklə gözləyirəm ki, yayın axırı üçün sən uşaqları gətirib gələsən və bir yerdə olaq. İndi mən qışda başladığım pyesi yazıb qurtarmaq üzrəyəm, həmçinin əsərlərimin nəşri məsələsi ilə məşğulam və i. a. Sonra görək nə olur. Hələlik. Sağ ol, Əliş bəyə salam söylə. Sənin Cəlilin * * * Əzizim Həmidə! (14 iyul 1923) Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir? Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür. Hamıya salam. Tez-tez kağız yaz. Hələlik xudahafiz. Sənin Cəlilin Hələlik Cəlalı göndərə bilmədim, çünki paltarı yoxdur. Məktubu Sadıq bəylə göndərirəm. C. * * * Əzizim Həmidə! (30 iyul 1923) Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır. Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə. Mənim adımdan atamı və oğlumu qucaqla. Mehriban balaları, bizi qoyub gedən mehriban qızımızı öp. Müzəffərə, Münəvvərə, Əliş bəyə, Nina Antonovnaya və Teymura salam. Sənin Cəlilin * * * Əzizim Həmidə! (12 avqust 1923) Bakı Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım. Sənə “Bakinski raboçi” qəzeti və bizim jurnalımız göndərilir. Alırsan, ya yox? Bakıda hava bir müddət isti keçdi, amma indi sərinləyib. Bahadır (Rəhim bəyin oğlu) gəlmişdi. Ağdamda Müzəffəri və Əli bəyi görübmüş. Yazırsan ki, orada sənin üçün çətin keçir. Mən bunu qabaqcadan görür və Qarabağa getməyi məsləhət bilmirdim. Sənə yenə də məsləhət görürəm ki, avqustun axırında uşaqlarla birlikdə gəlib Bakıda yaşayasan. Cəlalı və qardaşını nahaq yerə yayın günündə həbsdə saxlayırlar. Onların nədə taxsırlandığı hələ indiyədək heç kəsə deyilməyib. Axı onlar bütün həyatları boyu rəncbərlikdən başqa bir şeylə məşğul olmamışlar. Ənvər üçün toyuq hini düzəltmişəm. Üç toyuq, bir xoruzumuz var. Hin qıfılla bağlanır. Hər gün toyuqlara dən verirəm. Midhət üçün velosiped alacağam. Hamıya salam. Cəlil * * * Əzizim Həmidə! (25 avqust 1923) Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır. Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ. Yusifxan çoxdan Tiflisdədir və mənzil tapa bilmir. Dağdan qayıtdığınızı güman eləyib bu kağızı Ağdama yola salıram. Uşaqları öpürəm. Hamıya salam. Sənin Cəlilin Səninlə uşaqları səbrsizliklə gözləyirəm. Salamat qal. Uşaq bluzkası və şalvarı üçün münasib parça olsa, gətir. Özüm üçün (yay üçün) köynək tikdirdiyim ipək parçadan yaxşı imiş və hamı ona müştəri çıxdı. Ənvərin kefi necədir, dədəsi soruşur. * * * Əzizim Həmidə! (28 avqust 1923) Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol. Cəlil * * * Əziz oğlum Midhət! (28 avqust 1923) Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim). Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan. Ənvər üçün içərisində altı toyuq və bir xoruzu olan hin almışam. Teymur üçün skripka axtarıram. Atan Cəlil * * * Həmidə! (30 avqust 1923) Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram. “Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər. İndi o tələsir, mənim də daha elə bir sözüm yoxdur ki, yazım. Səni və uşaqları sentyabrın 10-u üçün gözləyəcəyəm. Cəlil * * * Həmidə! (16 oktyabr 1923) Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir). Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik. Uşaqları heç cür məcbur eləyə bilmədim ki, sənə kağız yazsınlar: başları gah dərsə, gah da oynamağa qarışır. Midhət isə radiosundan ayrılmır, boğazının [müalicəsini] üzümüzə gələn iki-üç günlük bayrama saxlamışdır, hələlik sapsağlamdır, cürbəcür təzə oyunlar tapıb əylənir, zümzümə eləyə-eləyə gəzir. Mənimlə arası daim sazdır. Qəzetləri sən hər gün almalı idin, məni Hacı bu barədə xatircəm eləmişdi. Ölçü götürərəm. Müzəffər və Münəvvərə salam. Lavrentinin kefi necədir? Bir az səbr eləsin, gəlib onu ürəyi istəyən işə düzəldərəm. Yaxın görüşədək. Xudahafiz. Cəlil * * * Həmidə! (28 noyabr 1923) Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım: Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var. Midhət və o birilər məktub yazmağa macal tapmadılar. Səndən çoxdan məktub yoxdur. Deyirlər, Tiflisdən köhnə tanışın sənə qonaq gəlib. Yəqin ki, Neçayeva, yaxud Olqa Qriqoryevnadır; bəlkə də Olqa Alekseyevnadır. Bakıda havalar ilıq keçir. Amma bahalıqdır. Bu gün çörəyin girvənkəsi 125 milyonadır. Mən gündə yarım put çörək işlədirəm. Xərc çoxdur, amma birtəhər ötüşürük. Uşaqlar yaxşı oxuyurlar. Əlibəyin paltosu və hər iki qardaşın uzunboğaz çəkməsi yoxdur. Hamıya salam. Cəlil Həmidə, sənin səhhətin necədir? Səndən rica eləyirəm illah sünbül, dəyirman və pambıq barədə qayğılarla özünü bərkə salma. Bu işlər öz yerində, qoy onlarla Müzəffər məşğul olsun, sən isə rahatlığını elə, özünə korluq vermə. Elə ki, hər şey səni təngə gətirdi, dərhal çıx gəl Bakıya, öz oğlanlarının yanına. C. * * * Əzizim Həmidə! (18 dekabr 1923) Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir. Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir. Hamıya salam. Tezliklə görüşənədək. Cəlil * * * “Kommunist” qəzetəsi idarəsinə Rəfiqim “Kommunist” qəzetini bugünkü böyük bayramı ilə ürəkdən təbrik edirəm. Əkinçi və fəhlə yolunda çalışan bir cəridə əkinçi və fəhlənin köhnə dostu “Molla Nəsrəddin” üçün qiymətli bir yoldaşdır. Arzu edirəm ki, həmin yoldaşım bundan da sonra illər uzunu tutduğu yolda yorulmayıb çalışmaqda ola. Salam olsun “Kommunist” qəzetində qələmlə (və ya qələmsiz) çalışan cəmi yoldaşlara. “Molla Nəsrəddin” məcmuəsi müdiri: Cəlil Məmmədquluzadə “Kommunist” qəz., 30 dekabr, 1923 № 296 * * * Əzizim Həmidə! (2 fevral 1924) Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım. Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim. Mən görürəm ki, orada başın daim qalmaqaldadır, hər yandan sənin xətrinə dəyirlər. Amma çox fikir eləmə, narahat olma və mümkün olan yerdə güzəştə get. Mən məsləhət görmürəm ki, sən mərkəzin əmrlərinin köməyi ilə iş aparasan. Yaxşısı budur ki, Yerli hökumətin rəyilə iş gör. Kəndlilərin istədiyi kimi işləsən, daha yaxşı olar. Hər halda kəndlilər qiymət verər və bir gün başa düşərlər. Şahadı 2–3 girvənkə, yəni icraiyyə komitəsinin müəyyən elədiyi qədər al. Yoxsa, hətta mərkəzdən əmr olsa da, hər halda yerli hökumət narazı qalacaq, yenə səni narahat eləməyə başlayacaq və dedi-qodu başlanacaq. Bu yaxınlarda “Əkinçi” qəzetində Ağdamdan Kəştazdakı bir dəyirman sahibi haqqında yazmışdılar ki, o çox şahad alır. Çalış ki, sənin dəyirmanın barədə bu cür söz-söhbət olmasın. Tezliklə sənə qəhvə, çay və qənd göndərəcəyəm. Uşaqların bütün dərslərdən qiyamətdirlər. Midhət isə həm rəssam, həm də texnikdir. Bütün cəncəlləri boşla və köç gəl. Fikrim var yayda uşaqları Bakurianiyə aparım. Odur ki, bunu nəzərə alıb, gəlməyə hazırlaş. Əgər indi soyuqlara görə gələ bilməsən, onda mütləq bayram üçün özünü yetir. Hazırda Teymurdan başqa, Allahyar da naxoşdur; hər ikisi qızdırır. İşim-gücüm onlara baxmaqdır. Əgər var isə, göndərdiyin süfrədən birini də və mənim üçün yay kostyumu (köynək) tikdirməyə parça göndər. Qəzet alırsanmı? Hamıya salam. Cəlil * * * Əzizim Münəvvər! (7 fevral 1924) Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər. Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar. Polina [Afanasyevna] bütün günü qalstuk axtarıb, qadın qalstuku tapa bilməyib. Yaz görək sənə nə cür qalstuk göndərmək lazımdır. Həmidə xanıma təqvim və iki girvənkə balıq yağı göndərdim. Qaloş üçün nahaq yerə pul göndərmisən, mən özüm də ala bilərdim. Odur ki, bu kağızı gətirənlə sənə on manat göndərirəm. Nə lazım olsa, yaz, göndərim. Həmidə xanıma yazığım gəlir, nə qədər onu Bakıya çağırıram ki, gəlib burada dincəlsin, – gəlmir ki, gəlmir. Bir neçə qəzet göndərirəm; oxu, sonra Həmidə xanıma göndər. Sənin məktublarını (qırmızı mürəkkəblə) və Həmidə xanımın köhnə məktubunu mən ancaq bu gün aldım. Hələlik, salamat qal. Yay üçün Qarabağa gəlmək fikrindəyəm (əgər uşaqlar və Həmidə xanımla Borjoma getməsəm). Atan Cəlil * * * Həmidə! (6 mart 1924) Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik. Cəlil * * * Əzizim Həmidə! (2 iyul 1924) Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur. Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm. Burada iki gün hava bərk isti oldu, amma indi yaxşıdır. Hələlik xudahafiz. İndi başım çox qarışıqdır. Sonra müfəssəl kağız yazaram. Hamıya salam. Münəvvərin şeylərini təxminən bir həftə bundan əvvəl poçtla göndərdim. Yayda uşaqlar fars dilini və öz dərslərini öyrənməlidirlər. Midhət üçün mütləq velosiped alacağam. Sənin bütün tapşırıqlarına dərhal və tamam əməl olunacaq. Sənin Cəlilin Məktub yaz. Qaloşlar (ayağına) böyük, ya kiçik olsa, geri qaytar, sənin üçün təzəsini göndərim. * * * Həmidə! (23 avqust 1924) Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim). Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır. Midhətdən nigaranam, ümidvaram o, Turşsudan gələn kimi mənə xəbər verəcəksən. Qalan işlərin hamısını öz vaxtında görəcəyəm. Sabah başağrım üçün isti vanna götürməyə Suraxanıya gedəcəyəm. Hələlik xudahafiz. Uşaqlara salam. Ənvərə – 50 qəpik, Murada – 20 qəpik, Midhətə – nə qədər istəsə ver. Cəlil * * * Əzizim Həmidə! (2 sentyabr 1924) Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır. Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan. Burada pendir baha olduğuna görə gələndə motal gətir. Bizim uşaqlardan başqa özünlə heç kəsi gətirmə. Cəlalın, oğlunun və Səmədin məsələsi sonra məlum olar. Bizim uşaqların dərsi sentyabrın 16sından başlanır. İndi özüm barədə danışım: sən Bakıya gələndə yəqin mən səfərdə olacağam. Zənnimcə sentyabrın 4-də hökumət işi üçün Ağamalıoğlu ilə Krıma yola düşəcəyik. Üç həftədən sonra qayıdacağıq; yəni siz burada mənsiz cəmisi on gün qalıb darıxacaqsınız. Amma xərcliyi jurnalın kontorundan alacaqsan. Kontoru mən bizim mənzilimizə, birinci böyük otağa köçürmüşəm. Sənin kiçik otağını mən hələlik bağlayacağam. Uşaqlarla yemək otağında qalın. Ümumiyyətlə, istədiyin kimi yerbəyer ol. Olya bütün məsələlərdə sənə köməklik eləyəcək. İstəyirsən uşaqları məktəbə özün apar. Ənvərin dəftərləri Teymurda olacaq. Yadımdan çıxdı deyim ki, əgər nəyə görəsə indi gələ bilməsən və kəndə baş çəkməli olsan (hərçənd bu əbəsdir), onda uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər. Belə, daha nə yazım? Sənin üçün və uşaqlar üçün çox darıxdığıma görə sizi səbrsizliklə gözləyəcəyəm. Leyliyə və bizim ev yiyəsinə salam söylə. Özün üçün uzunboğaz çəkməni və qaloşu burada ayağına geyib seçərsən. Sonra mən belə fikirləşirəm ki, kəhrizləri icarəyə vermək məsələsini burada həll eləmək daha yaxşı olar. Camaata vəd elədiyim pəsməndə şeyləri sonra göndərərəm. Əliş bəyi və Cəlalı görsən de ki, onların uşaqlarını məktəbə qoymaq üçün var qüvvə ilə çalışacağam ki, oxusunlar. Əziz balalarımı bərk-bərk öpür və onların anacığazını bağrıma basıram. Hələlik. Yaxın görüşədək. Ənvərin dəftərini Teymura vermişəm saxlasın, qoy Ənvər məktəbə aparıb müəllimə göstərsin. Cəlil * * * Həmidə! (8 sentyabr 1924) Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər. Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm. Biz Bakıya gələni havalar çox isti keçir. Gecələr adam, hətta küçə tərəfdəki dəmir balkonda da istidən yata bilmir. Bilmirəm sentyabrın 15-də başlanacaq dərsləri nə üçün təxirə salmırlar. Bir neçə günə poçtla pul göndərərəm və sentyabrın 13-ündə uşaqlar Yevlaxda vaqona minərlər ki, 14-ündə burda olsunlar. Əgər dərslərin başlanması barədə yaxın günlərdə təzə xəbər olsa, teleqrafla sənə bildirəcəyəm. Qoy Midhət öz işlərini yığıb gətirsin; habelə Pakizə. Başım ağrıyır, məktubu qurtarıram. İstəyirsən, sən orada qal, oktyabrda, yaxud istədiyin vaxt gələrsən. Cəlil * * * Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924) Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi. Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı. Mənim istəkli oğlum Ənvər necədir? Onun hər şeyi varmı? Çatmayan şeyi olsa, Bakıya gələn kimi alaram. Pakizə necədir? Ananın kefi nə təhərdir? (Əgər oradadırsa). Əgər o gəlməyibsə, nə üçün gəlməyib? Axı, o gərək müalicə elətdirsin. Ümidvaram ki, siz dərsinizi vaxtlı-vaxtında, səylə oxuyursunuz. Ev üçün çox darıxmışam və ona görə də gəlməyə tələsirəm. Siz hələlik öz dərsinizi oxuyun. Hər halda anandan nigaranam, xüsusilə ona görə ki, bilmirəm haradadır. Hələlik xudahafiz. İstəkli balalarımı qucaqlayır və bərk-bərk öpürəm. Atan Cəlil * * * Midhət! (Orenburq, 9 oktyabr 1924) 8 oktyabr (1924) Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq. Hamınızı öpürəm. Cəlil * * * Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924) Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən. Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim. Mən məktublarımda da, telefonla da səndən xahiş eləmişəm ki, uşaqları da götürüb Bakıya gələsən; bilmirəm gəldin, ya yox. Əhvalın necədir? Uşaqlar necə oxuyurlar? Biz burada ən çoxu oktyabrın 16–17-sinədək qalacağıq; yəni ayın 20-si, 21-i üçün Bakıda olacağıq. Bilmirəm gününüz necə keçir? Jurnalın kontorundan mənim məvacibimi sənə verməli idilər, bilmirəm Teymur sözünə əməl elədi, ya yox. Bizim uşaqların dərsi necə gedir? Əlişi fəhlə fakültəsinə, yaxud instituta götürdülərmi? Səmədi necə? Əgər o qəbul olunmayıbsa, Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək lazımdır. Bilmirəm bu barədə sənin fikrin necədir. Bir də yerimiz darısqal olmaz ki? Əlbəttə, səyahətimiz barədə indi yazmağımın mənası yoxdur – bunu nağıl eləmək olar. Əziz balalarım, sizin üçün bərk darıxmışam və ona görə də evə can atıram. Müzəffər və Münəvvər necədirlər? Kəndə yağ (maz) göndərirlərmi? Hələlik sağ ol. Sənin Cəlilin Midhət! Anan Bakıda deyilsə, bu kağızı poçtla ona göndər. Cəlil * * * Əzizim Həmidə! (1924) Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın. Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı). Pakizə indi ikinci sinifdədir. Türk dilində yazıb oxuya bilir, rus dilində də xüsusi dərs keçir. Midhət, Ənvər və Teymur hər gün xörəkdən sonra məşhur qoca müəllim Ziyadan ciddi surətdə fars dili öyrənirlər, müəllim bizim evdə gəlib dərs deyir. Uşaqların hamısının kefi kökdür. Axşam saat 5-də hamısı bir-bir Midhətin velosipedinə minib gəzirlər. Midhət isə velosipedi şəstlə, təcrübəli bir adam kimi sürür və özünü dünyada ən xoşbəxt adam sayır. Yemək-içməkləri də pis deyil: hər gün kərə yağında bişmiş iki cür xörək, toyuq-plov, səhər və axşam ağ çörək və pendirlə şirin çay. Hərdənbir şam da edirlər. Hər gün meyvələri var. İki həftədən bir hamama gedirlər. Həftədə bir dəfə çirk paltarlar yuyulur və i. a. Olya indi lap bizim səriştəli aşpazlar kimi xörək bişirir. Aftab xanım uşaqlardan heç nigaran qalmasın. Əli bəylə də biz lap “dost”laşmışıq. Müzəffərə, Əliş bəyə, Süleymana, Cəmilə salam yetir. Xörək stolu üçün süfrə və köynəklik ipək şal (bildirki kimi) gətir. Tezliklə görüşənədək, xudahafiz. Cəlil * * * Əzizim Münəvvər! (1924) Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm. C. * * * Əzizim Midhət! (1924) Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda, fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən, habelə, Radiklə məşğul ol. Gərək anan səndən tamam razı olsun. Sentyabrın əvvəlində ananı Bakıya gətir. Atan Cəlil * * * Əzizim Həmidə! (24 yanvar 1925) Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər. Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm. Dəyirman işləri necə gedir? Müzəffər necədir? Münəvvər xəstəxanada işləyirmi? İşləmirsə, nə üçün? Sən və o birilərə bir şey lazımsa, yaz, mən təcili alıb göndərim. Əliş bəyə de ki, göndərdiyi şeyləri və 2+1 çervonu, deməli, cəmisi 3 çervon aldım. Deyəsən, çervonun birini Bünyad üçün göndərib. Uşaqların hamısı sağ-salamatdır. Keçən payız mən həmişə kefsiz oldum. İndi halım bir az yaxşıdır. Teymur çox naxoş oldu. Uşaqlar hamısı yaxşı oxuyur. Midhətin məşğələləri lap müvəffəqiyyətlə gedir. O, xüsusi müəllimdən alman dilini öyrənir, habelə fars dilindən də eyni qayda ilə dərs alır. Teymurdan başqa uşaqlardan heç biri xəstələnməyib. Sənə səmimi salam göndərir və təvəqqe eləyirəm söz verəsən ki, indi də gəlməsən, bayram üçün burada olacaqsan. Burada həmişə yazdır. Sənin Cəlilin * * * Məmməd Səid! (31 yanvar, 1925) Bakı Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq. Əgər “Molla Nəsrəddin”in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müzaiqəm yoxdur. Hətta, yaza da bilsəm, sətir haqqının sahibi olaram. Amma bunu deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə. İndi də başım ağrıyır, çıxa bilmirəm. Cəlil Məmmədquluzadə * * * Məmmədəli! (2 fevral 1925) Bu saat yenə başım ağrıyır və heç yana çıxa bilmirəm. Jurnal barəsində də Səidə yazmışam və ondan savayı da bir özgə sözüm yoxdur. Cəlil * * * Müzəffər! (1925) Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil). Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil. Hələlik xudahafiz. Hər ehtimala qarşı faytonla bir şey göndər ki, işdir, yolda soyuq olsa, uşaqlar geysinlər. * * * Əzizim Eynəli Sultan! (13 iyul 1925) Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik. Cəlil * * * Həmidə! (22 avqust 1925) Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir. Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər. Təzə bir xəbər yoxdur. Lida hələlik, ancaq Münəvvərin paltarını tikib qurtarıb, qalanlarını gözləyirəm. O ləng tikir. Midhətlə birlikdə fayton üçün açar axtarırıq, tapan kimi göndərərik. Leyliyə məndən salam söylə və de ki, Şuşadakı qonaqpərəstliyi və hörməti üçün ondan çox razıyam. Hələlik mən onun üçün bir şey eləyə bilmərəm, çünki bütün məktəblər və klublar bağlıdır, müdirlər bağa gediblər. İmkan olan kimi vədimə əməl eləyəcəyəm. Amma belə güman edirəm ki, özü burada olmasa, iş aşmayacaq. Hamıya salam. Ənvəri öpürəm. Cəlil * * * Əziz ana! Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir. Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm. * * * Midhət! Lısoqorsk necə yaxşı idi!.. Ah, bir də haçan ora gedəcəyəm?.. Müzəffər və Münəvvəri öpürəm! Hələlik salamat qal, kefin həmişə kök olsun və yavaş-yavaş “dayna”nı tərgit. Əliş bəyə və Qəmərə salam. Cəlil * * * Məmmədəliyev yoldaşa. (18 yanvar 1926) Məqaləniz gəlib çatdı. Bir para yerini təshih edəndən sonra çap edərik. Yazırsınız – paranı necə göndərmək? Lazımdır poçtxanaya pulu sayıb vermək və perevod ilə yoxsa, paket içinə qoysanız biqanun olar və yolda pul tələf olar. Və bir də xahiş olunur bir adam təyin edəsiniz bir neçə məcmuə və balaca kitabçalardan göndərək satılsın. Cavab gözləyirik. “Molla Nəsrəddin” müdiri: Cəlil Məmmədquluzadə. * * * Möhtərəm yoldaş! (27 yanvar 1926) Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla). Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz. Ehtiram ilə Cəlil * * * Müzəffər! (31 may 1926) Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur. Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm. Həmidə xanım bu gün Tiflisə gedir. Cəlil * * * Həmidə! (10 iyun 1926) Bakı Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi. Evdən çıxanda Ənvər ağladı, amma beş manat gözlərinin yaşını qurutdu. Aska da onlarla getdi. Allahyarı bir neçə gün əvvəl yola saldım. Əlişin də dəstəsi srağagün getdi. Mən iyulun 5-də Şuşaya getmək fikrindəyəm. Necə olub İsmayıl Həqqi sənin yanına gəlməyib? Axı, mən ona yazmışdım. Uşaqlar – nəvələrim, Sara xanım və Yusifxan necədirlər? Hələlik xudahafiz. Cəlil * * * Həmidə! (13 iyul 1926) Bakı Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur. Sonra bilmirəm. Midhət vaxtını necə keçirir: yenədəmi hər gün gəzməyə gedir, yaxud yenə də radionun qabağında əyilib bütün günü qulağını onun trubkasına dikir? Qoy mənim bu sualıma o özü cavab versin. Yoxsa, mən gəlib onu bu vəziyyətdə görsəm, həm o pərt olar, həm də mənim onun canına yazığım gələr. Odur ki, orada işlərin nə yerdə olduğunu bilməyincə gəlməyəcəyəm. Dünən sizə bir put düyü göndərdim. 50 manatı, söz yox ki, almısan. Vaxtı gələn kimi yenə göndərəcəyəm. Burada heç bir yenilik yoxdur. Hava çox istidir. Ənvərin kefi necədir? O biri uşaqlar necədirlər? Görünür, Midhət belə güman eləyir ki, oğlunun öz atasına kağız yazmağı artıq bir işdir, Ənvər də həmçinin. Biz öz uşaqlarımızı pis tərbiyələndiririk, belə getsə, onlardan adam olmaz. Nə qədər axtardımsa, “Tufan” kitabını tapa bilmədim; evi lap alt-üst elədim. Cəlil * * * Həmidə! (Borjom, 20 iyul 1926) Tək gün Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm. Midhətin səhhətindən, yemək-içməyindən və dolanacağından daim nigaranam. Daha onun rus dilindən yay məktəb işi də yadımdan çıxıb, çünki ən birinci iş onun səhhətinə, yemək-içməyinə qulluq eləməkdir. Bilmirəm o, kifayət qədər süd, qaymaq, bal, yağ, cücə əti, plov yeyirmi, hər axşam şam eləyirmi, təmiz havada gəzirmi? Şənbə günü, iyulun 23-də Bakıya yola düşürəm; bu suallar barədə mənə birbaşa oraya cavab yaz. Ayın 25-də isə Şuşaya yola düşürəm. Bu gün Müzəffərə də yazıram ki, o da Münəvvərlə Lısoqorska getsinlər (əgər indiyəcən hələ getməyiblərsə). Sahibə xanımın evində necə yerbəyer oldun və oraya gəlib düşdünmü? Mənim əzizim Ənvərin kefi-əhvalı necədir? Əsgər xan neyləyir və o indi haradadır? Borcomun əntiqə təbiəti var və bura Lısoqorskdan yaxşıdır. Midhət barədə qayğıkeşlik yadından çıxmasın (yoxsa mən buradan belə tez çıxıb gəlməzdim). Hələlik. Yaxın günlərdə görüşənə qədər. Avqustun axırında Pakizəni Zaqatala qız seminariyasına aparacağam (Badisabah xanım Köçərlinin yanına). Uşaqlara və Süleymanın ailəsinə salamlar. Cəlil “Mineralnıye vodı” mehmanxanası, № 29. Amma sən bu məktubu alanda mən artıq burada olmayacağam. * * * Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə 7 may (1927), Bakı Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu. Sən gərək inanasan, mən ikiüzlülüyü bacaran deyiləm və sənin bu bayramına səmimi-qəlbdən şərikəm və (özümü) borclu bilirəm yenə dəfələrlə bu birinci nömrədən başlayıb sənin xidmətini məcmuəmiz vasitəsilə meydana qoyam və iyirmi il bundan əqdəm bizdə iştirakını orda qeyd edəm. Sənin qoca yoldaşın “Molla Nəsrəddin” məcmuəsinin həmişəki müdiri və baş mühərriri: Cəlil Məmmədquluzadə * * * Məktub. Kitab mağazasına (24 oktyabr 1927) Sizdə qalıb satılmaq üçün: “Konsulun arvadı” – 13 ədəd, ədədi 12 qəpik. “Şeir bülbülləri” – 17 ədəd, ədədi 12 qəpik. “Baqqal Məşədi Rəhim” – 7 ədəd, ədədi 10 qəpik. “Ölülər” – 20 ədəd, ədədi 40 qəpik. Cəmi 12 manat 40 qəpik. 25 faizi 3 manat 10 qəpik. Sizdə qalır – 9 manat 30 qəpik. Molla Nəsrəddin tərəfindən * * * Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə ...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa, – mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz. Cəlil Məmmədquluzadə Bakı, 9 dekabr 1927-ci il P.S. Ərizənin üzərində aşağıdakı məzmunda dərkənar vardır: “Həmidə xanım Cavanşirin Ağdamdan sürgün olunması” haqqındakı qərarı ləğv etmək. Ə. H. Qarayev. Bağırov – lehinə, Bünyadzadə – lehinə. 17 yanvar 1928-ci il * * * Həmidə! (8 fevral 1928) İrəvan Mən indi İrəvandayam. Sabah geri qayıdıram... Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal. Cəlil * * * Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928) Bakı İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə. Həmvilayətlik salamı ilə Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Mümkünsə dəftərxananıza sifariş veriniz ixrac olunmuş müəllimlərin adlarını idarəmizə göndərsinlər. C. * * * Səfərəli Qənbərli Yoldaşa Məlumunuz olsun ki, mən bu günlərdə Mərkəzi İcraiyyə Komitəsi üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən xahiş edirəm: Əvvələn – biz oraya gələn vəqt sizdən mümkün olsa bəndəni tapasınız ki, görüşək və sonra mən ora gələn vəqtədək həmin məlumatı toplayasınız ki, mən görüşəndə mühazirə eyləyəsiniz. Lənkəranda bu saət neçə məscid var? Orada neçə molla var? Bunların faizi neçədir və hərəsinə xali (?) neçədir? Həmçinin qəzada hansı qismdən və hansı kənddən və ətrafdakı kəndlərdən neçə molla var? Cəmi mollaların adı? Nə qədər imkan bacarırsınız onların adlarını siyahı edəsiniz. Harada təhsil tapıblar? Bu qədər mollanın nə qədəri iranlı və nə qədəri azərbaycanlıdır? Bunların hansı bu saət ev məktəbi saxlayır, yaxud hücrələrində dərs deyir? Mümkünsə, onların məktəblərindən və dərslərindən bir qədər məlumat toplayasınız. Cəmaətin maarifinə bir növ ilə xidmət naminə bu məlumatı toplayasınız ki, Lənkəranda mənə verə biləsiniz. Sizin dostunuz, Molla Cəlil Məhəmmədquluzadə Bakı, 18 sentyabr, 1928-ci il “Molla Nəsrəddin” məcmuəsi * * * Həmidə! (28 dekabr 1928) Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər. Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar. Midhətlə bir yerdə çalışırıq ki, kontoru başqa bir yerə köçürək. Bizə jurnalın Zavedenski küçədəki binasında yer vəd eləmişdilər, lakin onu özgəyə verdilər, bizə isə başqa bir yer vəd eləyiblər. Midhət gecələr evə gec gəlməyə başlayıb (saat 2-də, 3-də) və məni rahat yatmağa qoymur. Bu barədə bizim aramızda söz-söv olur və yuxudan doymadığıma görə yenə başım mütəəssil ağrıyır. Cəlil * * * Yoldaş Əliyev (2 fevral 1929) Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə: Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik. “Molla Nəsrəddin” idarəsi * * * Həmidə! (28 fevral 1929) Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma. Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu. Midhət və Ənvər məktəbə gedirlər və hələlik dərslərdən geri qalmırlar. Fevralın 15-də sənə göndərilən 40 manat haqqında hələlik səndən xəbər yoxdur. Sabah 40 manat göndərirəm. Hələlik. Hər şey yaxşıdır. Cəlil * * * Həmidə! (19 aprel 1929) İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan. Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur. Müzəffər və Münəvvər kənddən gələni, demək olar, istirahət eləyirlər: tez-tez Nina Antonovna Blaqovidovaya qonaq gedirlər; kinoya da gedirlər. Mənim üçün onlarla yaxşı keçir, yoxsa uşaqlar məktəbə gedəndə mən tamam yalqız qalıram. Bakıda havalar hələlik soyuqdur, qış paltosu geymədən küçəyə çıxmaq olmur. Bir də çox bahalıqdır: mal əti 1 manata, qoyun əti 1 manat 40 qəpiyə, yağ 2 manat 40 qəpiyə, kartofun kilosu – 60, kələmin kilosu 80 qəpiyədir. Bircə çörək kifayət qədərdir. Çay və qənd əvvəlki kimidir. Ənvər daha sağalıbdır. Aprelin 7-də xəstələnib yatağa düşdü: qızdırması 38, 5-ə qalxmışdı. Qızdırması gecə də oldu və ayın 8-də düşmədi. Əmir bəy Aslanova zəng vurdum, gəlib diqqətlə baxdı. Axşamçağı qızdırması keçdi və 9-unda səhəri evin içində gəzməyə, 11-də isə məktəbə getməyə başladı. Bu gün Əliş Əmirovdan (Ağdam) kağız aldım. Yazır ki, yağ və pendir göndərib. Hələ almamışıq. Burada toyuq almaq mümkün deyil. 5, 6, 7 manatdır, dünən isə dedilər biri 15 manata çıxıb. Hələlik. Sağlıqla qal. Cəlil * * * Həmidə! (8 iyun 1929) İrəvan, çərşənbə Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin. Mən özüm bir həftəliyə Şuşaya getməyə hazırlaşıram: İsa bulağı və Turşsuya getmək istəyirəm. Bu il Midhət kişi kimi oxuyub, ikinci kursa keçdi. Teymur yazıq isə həkimlərin təkidilə dərsi buraxıb payıza qədər dincəlməli oldu (demə, onda tropik malyariya və ciyər katarı varmış). Tiflisdə, ancaq Muradı gördüm. O, öz atasını idarə işi üçün səfərə yola salmağa getmişdi. Kefləri pis deyil. Sabah bir günlüyə Naxçıvana getmək fikrindəyəm. Çərşənbə axşamı (3 gündən sonra) Leninakana (Aleksandropol) və oradan Tiflisə gedirik. Tiflisdə bir həftə qalacağam. Bizi Qarakilsədə qarşılayıb, oradan avtomobillə apardılar Dilicana. Sevan gölündə, sonra da İrəvana gətirdilər. Yol uzunu hər yerdə bizi musiqi ilə, çox təntənə ilə mehmannavazlıqla qarşıladılar. Burada olduğumuz müddətdə bizə bir qonaq kimi baxdılar. Tiflisdə gürcülər də bizi belə qarşıladılar. Hələlik, salamat qal. Cəlil * * * Məmmədəli! (9 iyun 1929) İrəvandan Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya. Ümidvaram ki, məcmuəni adi bir qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə, şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da yazmışam ki, sənə desin. Əlbəttə, unutmayasan. Ümumiyyətlə, diqqət ver ki, yaramaz material çap olunmasın. Söz yox ki, xüsusi bir hal üz verəndə Əhməd yoldaşın rəyini soruşasan. Hələ ki, bu qədər. Cəlil * * * Münəvvər! (14 iyul 1929) Bakı Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan. Mən baratın arxasında Həmidə xanıma bir neçə söz yazmışdım. Odur ki, indi ona məktub yazmadım. Borjomdan yazacağam. Hələlik. Sağ ol. Atan Cəlil * * * Teymur! (25 avqust 1929, Kislovodsk) Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq. Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar. Cəlil * * * Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929) Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib. Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan. Müzəffərə salam göndərirəm və onu öpürəm. Rəcəbovun fitnə-fəsadına və çəkişmələrinə fikir vermə. Əgər hövsələn gəlsə, Ağdamda olanda Qarayevə və Qasımova şikayət elə ki, Rəcəbovun hərəkətləri jurnalda tənqid olunduğuna görə indi o, kəndliləri sənin üstünə qaldırır. Hələlik sağ ol. Sənin haradan başına düşüb ki, mən səni istəmirəm? Cəlil * * * Həmidə! (1929) Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan. Müzəffər uşaqlara yolpulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal. Cəlil Uşaqların hər ikisi mənə çox yaxşı baxırlar və hətta mənim gecələr gec gəlməmək barədə sözüm Midhətin qulağına girib. C. “Urus Əhməd bəyin qızı” ifadəsini mən qəsdən yazdım (Ağamalıoğlu bilir ki, sənin atana nə üçün “urus” adı veriblər). Əgər ərizə yaxşı yazılmasa, onda elə buna qol çəkib zərfə qoy. * * * Münəvvər! (23 mart 1929) Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər. Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin. Sonra sən məktubunda qrammatik səhvə yol vermisən: “Bolit-böro” yox (sən yazdığın kimi), “Polit-büro”, yəni Politiçeskoe büro (ixtisar şəklində isə “Politbüro” deyilir və yazılır). Əliş bəyə heç fikir vermə. Hərə öz işində olsun: nə bir-birinizlə çəkişin, nə də çox dostluq eləyin. Təmkinli və nəzakətli olun. Cəlil * * * Əli Həsən! (26 noyabr 1929) Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd. “Molla Nəsrəddin” idarəsi tərəfindən * * * Əli Məhzun yoldaşa! 1929 Mən qabaqlarda Ruhullaya da demişdim ki, öz barəmdə bir şey yaza bilmərəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub, 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm. Birinci hekayəm “Danabaş kəndi əhvalatı” adı ilə haman 1890-cı ildə yazılıbdır. Teatr üçün əsərlərim: “Ölülər”, “Anamın kitabı” və “Danabaş kəndi müəllimi”; hekayələrim də məlum. Bunu da məlum edirəm ki, bu günlərdə Abdulla Şaiq də gəlmişdi bizə mənim tərcümeyi-halımı alsın. Mən ona da, ancaq bu məlumatı verə bildim. Amma o dedi ki, anket surətində bir sual cədvəli yazsa, cavab verə bilərəm mən? Dedim: əlbəttə, verərəm. İndi bilmirəm sizə bundan artıq mənim barəmdə məlumatlar lazımdırmı? Belədə bu kifayətdir. Dostun Cəlil * * * Həmidə! (1 aprel 1930) Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı. Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm. Uşaqlar sağ-salamatdırlar. Müzəffər və Münəvvərə söz veriblər ki, səslərini qaytaracaq və onlara iş verəcəklər. Midhət və Ənvər dərslərində yaxşıdırlar. Dünən Midhətin anadanolma günü idi. Ona yoldaşları qonaq gəlmişdilər. Bizdə bir yenilik yoxdur. Hələlik. Cəlil * * * Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930) Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular. Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki? Əsgər ağadan nə xəbər və Əbil necədir? Sizin uşaqlar necədir? Kağız yaz. Cəlil * * * Əzizim Baba! 11 may (1930), Bakı Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan. Mən elə bilirəm ki, sən mənim ata nəsihətimi yadından çıxarmayacaqsan ki, qocalana kimi oxumaq dalınca olasan, çünki insana əvvəl-axır bir oxumaq qalacaq. Bir surətdə ki, bir belə fürsət ki, ələ düşübdür – hamıya və həmişə müyəssər olmaz. Sən buradan gedəndən sonra mən Balaxanski küçədə tramvaynan keçəndə küçədə bir adamı sənə oxşatdım və tramvaydan düşüb getdim, sizin qapını döydüm. Bir qoca arvad çıxdı və dedi ki, sən üç gündür ki, getmisən. Şəhərdə elə bir təzə xəbər yoxdur. Qarayev Əliheydəri Gəncəyə təyin ediblər – firqə katibi. Özgə işlərdə – haman qərardır. Ümidvaram ki, genə kağız yazarsan. Hələ ki, səlamət qal. Cəlil * * * Əziz oğlum Midhət! (Bakı, 23 may 1930) Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır. Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən. Hamı sağ-salamatdır. Bir yenilik yoxdur. Yaxşı tikməyi öyrən: sən çox şey tikməli olacaqsan. Münəvvər və Müzəffər gəlmişdilər. Onlar müvəffəqiyyətlə işləyir və yaxşı xeyir verirlər. Böyükləri onlardan razıdırlar. Uzunboğaz çəkmələrin və qaloşların çatmağını bizə xəbər ver. Kağız da yaz. Quldurlar yazıq Hüsü Hacıyevi öldürmüşlər; şuşalı idi. Ağdam icraiyyə komitəsinin keçmiş sədri, sonra isə ədliyyə komissarı və Azərbaycan su təsərrüfatı idarəsinin sədri idi. Hökumət onu hörmət-izzətlə dəfn elədi. Bakıda Sabir bağında dəfn olundu. Cümşüd Vəzirov (aşağı mərtəbədəki qonşumuz) bərk xəstədir (xərçəng). Daha qəmli xəbərlər bəsdir. Qəmli bir xəbər də yadımdan çıxdı. Əsgərağanın oğlu Əbil bu günlərdə öldü. Əzizim, sağ ol. Haçan gəlmək fikrindəsən? Atan Cəlil * * * Mənim əziz oğlum Midhət! (12 iyul 1930) Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi. Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin. Burada bir yenilik yoxdur. Mən yığışıram sabah yox, o birisi gün gedəm Borjoma. Oradan sənə məktub yazıb öz müfəssəl adresimi də bildirərəm. Hələlik isə, təvəqqe edirəm, mənə kağızı bu adresə yazasan: Borjom. Park. Do vostrebovaniya. Daçniku Mamedkulizade. Sənin bir xahişinə əməl eləməmişəm: institutdakı yeniliklər barədə bir şey öyrənə bilmədim. İnstituta getdim, heç kəsi görə bilmədim. Mənzilimizi qıfıllayıram, çünki Tonyanın haqq-hesabını verib yola saldım. Hərçənd o hələlik eyvanda qalır və orada özü üçün yemək-içmək hazırlayır, lakin bu müvəqqətidir. Odur ki, əgər sən məndən qabaq gəlib çıxsan, çalış ki, evdə yeyib-içməyəsən. Mənzilin açarını mən Manyaya verəcəyəm. Mənzilə kontordan keçib gedərsən. Amma elə elə ki, yemək otağından eyvana açılan qapını açıq qoymayasan. Evdən gələndə qapıların hamısını bağlayıb açarları özünlə apar. Əgər şəhərdən çıxıb getməli olsan, açarları yenə Manyaya ver. İndiyəcən burada gah qənd olmur, gah da mürəbbə üçün albalı. Amma mən, hər halda, Manyaya tapşırmışam ki, sənin üçün mürəbbə bişirsin. Bufetin qutusunda sənin üçün çay, qənd və sair azuqə qoyuram. Kontorun pul işlərini notarius vasitəsilə Manyaya tapşırmışam; yəni pul barədə onunla danışa bilərsən. O sənə qəzet göndərəcək. Ananı da pulla təmin eləmişəm. Güman edirəm ki, o razı qalacaq və məndən razı getdi: Mənə məktub yazanda ona da yaz. Yaxşı, hələlik xudahafiz. Ağıllı oğlumu qucaqlayıram. Atan Cəlil * * * Nəsrulla Qənbərli yoldaşa! 13 iyul (1930), Bakı Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun. İsmayıla dua göndərirəm. Cəlil * * * Əziz oğlum Midhət! (27 iyul 1930) Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm. Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən. Hələlik salamat qal! Dədən Cəlil * * * Həmidə! (27 avqust 1930) Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put çiy su içirəm. İş ondadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım. Ayın 24-də vurduğu ikinci teleqram məni lap mat-məəttəl qoydu. Bu teleqramda əvvəlki xahişini təkrar edirdi: “Poçta, mənim adıma pul göndər”. Bundan mən belə başa düşdüm ki, o, 45 manatı almayıb. Özlüyümdə fikirləşib, 45 manatın ona çatmamasının səbəbini bu pulu Oktyabr vağzalına göndərməyimdə gördüm. Mən bu pulu ona görə bu ünvana göndərmişəm ki, Midhətin teleqramının üstündə “Oktyabrskiy vokzal” yazılmışdı. Odur ki, ayın 24-də dərhal təcili teleqrafla 50 manat göndərdim və teleqrafla ona bu barədə xəbər verdim. Bu dəfə mən xatircəm idim ki, dəxi o, pulu alacaq, çünki pulu onun teleqramda göstərdiyi ünvana göndərmişdim: Leninqrad, dovostrebovaniya. Buna nə deyirsən ki, ayın 27-də ondan belə teleqram aldım: “Ata, 25 manat göndər, yolpulum çatmır”. İndi özün halımı təsəvvür elə: mənə yazmır ki, əvvəl göndərdiyim pulları alıb, ya yox. Əgər alıbsa, onda nə üçün 25 manat istəyir? Almayıbsa, axı niyə almayıb? Ayın 27-də teleqrafla tez ona 25 manat da göndərdim və təvəqqe elədim ki, pulu alması ilə yola düşməsi barədə xüsusi bir teleqrafla mənə xəbər versin. Hələlik ondan heç bir xəbər yoxdur. Belə güman eləyirəm ki, indi yoldadır, qayıdır. Bəlkə o, nə əvvəlki, nə də sonrakı pulları almayıb? İndi ki, bu çox təəccüblü şey deyil. Bir həftə bundan qabaq Tonyaya da teleqrafla Samara quberniyasına 30 manat göndərmişdim. Dünən o, teleqrafla xəbər verir ki, pulu almayıb. Bu minvalla Midhətin səfəri məni Bakıdan tərpənməyə qoymur. Bu istidə burada mıxlanıb qalmalı olmuşam. Axı, elə eləyə bilmərəm ki, uşaq uzaq yerdə köməksiz qalsın. O məndən hər gün nəsə istəyə bilər. Mən nə Borcoma gedə bildim, – ki səhhətimə xeyir eləyir, – nə də Kislovodska, – ki vannaları ürəyim üçün çox vacibdir. Evdə oturub, gecə-gündüz onun yolunu gözləyirəm. Gecəyarısı küçədən keçən hər faytonun səsindən dik atılıb dururam. Midhət gələn kimi gərək dərhal, zorla da olsa, onu faytona oturdub sənin yanına, Şuşaya gətirəm. Bunu eləməyincə mən Kislovodska müalicəyə gedə bilmərəm. Sənə və uşaqlara salam. Mənim o biri yaxşı oğlum Ənvəri qucaqlayıb öpürəm. Cəlil * * * Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş! Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın? Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir. Məktublarını bu saat Əli Nəzmiyə göstərdim ki, istifadə etsin. Və bundan sonra məni gah-gah yad-bud edəcəyinə də ümid edirəm. Sağ ol. Çox yaşa! Cəlil “Molla Nəsrəddin” məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə. 20 oktyabr (1930) Bakı * * * Həmidə! (10 noyabr 1930) Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər. Cəlil Yola düşəndə Şuşadan teleqram vur. * * * Uzaq Kislovodskdən mehriban Həmidəyə! (Kislovodsk, 10.12.1930) 4 dekabr (1930) Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol. Cəlil * * * 10 dekabr (1930) Kislovodsk Dekabrın 4-dən bəri havalar açılıb, gün çıxıb. Yavaş-yavaş qıvraqlaşıram. Amma qüssədən az qala ürəyim partlayır. Bu, yuxumu və yeməyimi də korlayır. Hamınıza salam-dua. Bu gün bir neçə adamdan kağız almışam (Ənvər, Polina Afanasyevna, Əli Nəzmi). Məhəmməd Sadığa əlahiddə kağız yazacağam. Curnalı aldım. Salamat qal, əzizim. Cəlil * * * Mənim əzizlərim Həmidə, Münəvvər və Müzəffər! (Kislovodsk, 20 dekabr 1930) Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır. Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan. Sizin yanınızda olmağı bilsəniz necə arzu edirəm. Midhəti dekabrın axırında gözləyəcəyəm. Çox xahiş edirəm ki, mənə təsirli məktublar yazmayın (məsələn, Münəvvərin həyəcan keçirməsini). Belə kağız yazanlar məni mütəəssir edir ki, bu da mənə ziyandır. Həmidə, mənə tez-tez məktub yaz. Artıq yoruldum, yaza bilmirəm. Hamınızı öpürəm. Cəlil * * * Midhət! (26 dekabr 1930) Kislovodsk Məni sanatoriyadan buraxırlar: yayda gəlmək lazımdır. Polina Afanasyevnadan 100 manat al və özün üçün geyməyə isti bir şey götürüb, dekabrın 31-dək gəl. Mənim üçün 2-3 cib yaylığı gətir. Yavaş-yavaş yaxşılaşıram. Mərkəzi İcraiyyə Komitəsi vəsiqəsi yadından çıxmasın. İstəsən, şeyləri mühafizə şöbəsinə ver. Yollarda çoxlu qar var. Cəlil * * * Həmidə xanıma, Münəvvərə və Müzəffərə! 17 fevral (1931), Kislovodsk Həmidə xanıma, Münəvvərə və Müzəffərə salam göndərirəm. Qaryagindəki xəstəlikdən təşvişə düşməyin, ləğv edilib. Jurnalın məsələsi hələlik həll olunmayıb, yaxın günlərdə həll edilməlidir. Mən yavaş-yavaş dirçəlirəm. Ənvər deyir ki, tez-tez məktub yazır, siz isə şikayət edirsiniz ki, yazmır. Hələlik. Xudahafiz. Cəlil * * * Həmidə! (23 mart 1931) Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib. Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar. Midhət ayın 10-u Leninqradın şimalına, Sbir çayına təcrübə işlərinə getməyə hazırlaşır, on nəfər yoldaşı ilə. Xeyli məsrəf lazım olacaq, burada isə indi pul vermirlər. Təkcə palto 150 manatdır. Getməmək də olmaz (xaric elərlər). Bilmirəm, onu necə yola salacağam; necə olsa, gərək yola salam. Uşaqların dərsi barədə Yusifxanınkı gətirmir. Rəşid yenə pis deyil; Murad isə bilmərrə oxumaq istəmir. Yusifxan məndən xahiş eləyir öyrənim görüm ki, Muradı burada hərbi məktəbə götürərlər, ya yox? Nə mümkünsə eləyəcəyəm və ona yazacağam. Kefiniz-halınız necədir? Ənvər doqquzilliyi qurtarmaq üzrədir və APİ-yə girməyə hazırlaşır. Zaqsda qulluq eləyir. O, ağıllı bir cavan olub. Mənim sözəbaxan, ağıllı oğlumdur. Midhət, çox güman ki, sənin yanına gələ bilməyəcək. Ənvər şövqlə Kürdəmirə getməyə hazırlaşır. Münəvvərin paltosu ona necə gəldi? Yağ gəlib çatdı. Çəkisi – 9 girvəngə idi. Mənə kağız yaz. Müzəffərə və qızım Münəvvərə mənim ürək salamımı yetir. Yorğanı Blaqovidovnadan istərik və göndərərik. Hələlik, xudahafiz. Cəlil Yadımdan çıxdı bayramınızı təbrik eləyim. Uşaqlar üçün bir neçə cür çərşənbə yemişi aldım. Hərəsindən bir az; kişmişdən başqa ki, “nema”. * * * Əzizim Kərbəlayı Cabbar! 15 aprel (1931), Bakı Mənim böyük oğlum Midhəti Leninqrada dərsə göndərirlər. Ümidvaram ki, sən ona hörmət elərsən ki, qürbətdə korluq çəkməsin. Xərcliyi və hər bir şeyi var, ancaq dost-aşnası oralarda yoxdur, səndən və Babadan başqa. Niyə bildir buraya yaylağa gəlmədin? Sənin səmimi dostun Cəlil * * * Əzizim Baba! (15 aprel 1931) Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam. Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir? Bizim Midhət sizin şəhərə praktikaya gəlir. Ümidvaram ona mütəvəccöh olarsan və mənə kağız yazarsan. Kərbəlayı Cabbar da Midhətə hörmət eləsin. Sağ ol. Səni həmişə istəyən Cəlil * * * Həmidə! (Şuşa, 7 iyul 1931) Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir). Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır. Qəməri göndər bizim üçün 5 girvənkə düyü alsın və ver Rəhim gətirsin. Süleyman kişinin oğlu Əliş onlarda qoyub gəldiyim və həmçinin özlərinin hazırladığı yodu (hər ikisi ağdır) mənə göndərməlidir. Ənvərdən və Midhətdən nə xəbər var? Hər ikisini ürəyim istəyir. Yola düşəndə elə narahat idim ki, səninlə xudahafizləşə bilmədim. Heç bilmirəm necə oldu ki, mən belə elədim. Xahiş edirəm məndən inciməyəsən, bağışlayasan. Pis olmazdı Əsədzadə ilə birgə qabaqcadan Rəhimlə danışaydınız görək mövsümün axırınacan burada, bağda qalmaq üçün nə qədər kirayə verəcəyik və alaçıq üçün kimə nə qədər pul verəcəyik. (Əlbəttə, alaçığın gətirilməsi və aparılması haqqı öz yerində. Bunu qabaqcadan danışmaq lazımdır ki, sonra söz-sov olmasın). Bu məsələni gecikdirmə. 10 girvənkə kartof və bir az kömür göndər. Xudahafiz. Münəvvər salam göndərir. 5 girvənkə təzə lobya da göndər. Qəmərlə 20 manat göndərdim. Cəlil * * * Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931) Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər. İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş. Bakıdan gələn həkimlərin məsləhətilə iyulun 17-də mən Münəvvərlə birlikdə Xəlfəliyə (İsa bulağından aşağıya) düşdük və avqustun 12-dək Aleksan bəyin bağında çadırda qaldıq. Mən və Münəvvər xeyli kökəlmişik. Bakıda bu il havalar çox isti keçdi. Ənvər Bakıda qalmış və vaxtını yaxşı keçirmişdir. Nadya Kürdəmirə getməyə hazırlaşır. Bir həftə orda qalandan sonra Bakıya yola düşəcək. Anan da kökəlib. Hamımız sənin yolunu gözləyirik. Oğlum üçün bərk darıxmışam və ondan ricam budur gəlsin ki, atası öz balacığazını doyunca qucaqlasın. Mən bir az kökəlmişəm. Belə güman eləyirəm ki, naxoşluğumun nə ilə qurtaracağı barədə bir o qədər fikir çəkmək lazım deyil. Özünə fikir ver, şad və qıvraq ol və mənim barəmdə heç narahat olma. Özünü soyuqdəymədən, yoluxmadan gözlə, yemək-içməyinə fikir ver. Arzum budur ki, öz praktikanı vaxtında, həm də müvəffəqiyyətlə başa vurasan. Səni sevən atan Cəlil Əgər vaxtın olsa, Bakıya, yaxud Kürdəmir stansiyasına bir-iki kəlməlik cavab yaz. * * * Həmidə! (12 yanvar) Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar. Cəlil * * * Həmidə! (2 fevral) Bakı Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq. Hələlik. İşiniz avand olsun. Cəlil * * * Həmidə! (Bakı, 17 sentyabr) Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir. Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var. Dünən sənə ancaq 40 manat pul göndərə bildim. Uşaqlar məktəbə getməyə hazırlaşırlar və ikisi də sağ-salamatdır, kefləri kökdür. Cəlil Öz aramızdır, sənə deməliyəm: yaxşı olardı ki, Müzəffər nə mollalarla, nə də başqa xoşagəlməz şəxsiyyətlərlə (məsələn, Əbdürrəhim-ağa ilə) oturub-durmasın. Bizim ailəmiz onlardan uzaq olmalıdır. Düz demirəm? * * * Münəvvər! (20 iyun) Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var. Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm. Şuşaya haçan gedirsiniz? Şeylərin pulu barədə qəbzi göndərirəm. Sənə nə lazım olsa, yaz. Sənə pul da göndərəcəyəm. Cəlil * * * Əzizim Midhət! (4 iyul) Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan? Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa). Səni bağrıma basıb min-min dəfə öpürəm. Anana və uşaqlara salam. Onlara ayrıca yazaram. Cəlil Bu gün Şuşaya ananın adına poçtla 50 manat pul göndərdim. C. * * * Əzizim Məmmədəli! (9 oktyabr) Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər. Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan. Həmidə xanım sənə çox dua göndərir və səndən çox razıdır, mən də həmçinin. Amma ikimiz də sənin yanında xəcalət çəkirik ki, puldan yana sənə korluq verdik. Salamat qal. Şəkil göndərirəm. İsmayıla da və Sergeyevə də kifayət edəcək. Cəlil * * * Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər! Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum. Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam. Bu mənim tərcümeyi-halım. İndi isə Siz deyin görək: Vladimir Pavloviçin gözü necədir? Siz orada, Kislovodskda nə qədər qaldınız və nə vaxt, haraya yola düşdünüz? Valentina Pavlovnanın əhvalı necədir? Əgər bu kağızım sizə çatsa, mənə bir-iki kəlmə yazmağa vaxtınız və imkanınız olsa, Sizin barənizdə dürüst məlumat almağımdan çox məmnun olaram. Çox yazmağa halım yoxdur. Odur ki, kağızımı qurtarmaq istəyirəm. Hələlik. Sizə xoşbəxtlik arzulayıram. Bu il haraya getmək fikrindəsiniz? Sizə hörmət bəsləyən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalı redaktoru Bakı, Staraya poçtovaya küçə, ev № 64 * * * Əzizim Baba! (Bakı, 7 iyun) Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir. Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik. Hələ ki, salamat ol. Səni istəyən Cəlil (Məmmədquluzadə) * * * Həmidə! Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim. Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən. Bu gün bankda mənə hesablama üzrə üzv olan İsmayıl bəy Hüseynbəyovu gördüm. O dedi ki, əgər sən gəlmək istəməsən, onda gərək mənim adıma vəkalətnamə göndərəsən. Sənin imzanı natoriusu əvəz edən Ağdam sülh məhkəməsinin hakimi təsdiq etməlidir. Vəkalətnamə belə bir müxtəsər məzmunda olmalıdır: mən, aşağıda imza edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə bununla ərim Cəlil Məmmədquluzadəni vəkil edirəm ki, Dövlət bankının Tiflis kontoruna və Tiflis [... ] Əgər nə vəkalətnamə göndərdin, nə də özün gəldin, onda imzalanmış veksel və reyestr göndər, Volqa-Kama bankından [pul] almağa çalışım. Cəlil * * * Əzizim Məmmədəli! Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin. Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə. Mənim yazı stolumun orta qutusunda, hansı ki, bağlıdır, bir qızıl kəmər, 3 saat, bir cüt sırğa və bir üzük var. Qutunun dibində kağızların altındadır. Onları çıxart apar ver Əbdülqafara və qəbz al ki, saxlasın. Ev-eşikdən yaxşı muğayat ol. İsmayıla gələn həftə ya pul, ya cavab göndərərəm. Şəkli gələn poçt ilə göndərərəm. Jurnal yaxşı çıxır və 31-ci nömrədən razıyam. Manyanın poçtadan pul almağı xoşuma gəlmədi, çünki mən izn verməmişdim. Cəlil Pul bir qədər cəm olanda genə povestkaları göndər. * * * Əzizim Məmmədəli! Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur. Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida. Bilmirəm başa düşdün, ya yox. Maşın yekə bağ qayçısı kimi bir şeydir. Qatmanın iki ucunu qoyurlar içinə və bir balaca qurğuşun qoyub sıxırlar, qatmanın uclarını keçirirlər plombaun içinə. Xudahafiz. Cəlil * * * Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə 1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır. Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm. 1931-ci il üçün gəlir-çıxar xərclərinin smetasını əlavə edirəm. “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə Dəftərxana müdiri DOBRODOYEVA. Bakı, 18 yanvar 1931-ci il. * * * Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar Şurasına Fevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik. Məcmuənin məsul müdiri Kontor müdiri Cəlil * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.