Məqalələr Cəlil Məmmədquluzadə (1869–1932) Azərbaycan Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur. Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: – Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: – Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dildi? – Azərbaycan dili! – Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, gora düşmürdülər! O ki qaldı Bakı qurultaylarında olan səliqəyə, bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki nədənsə, bizim bədxahların hamısı bədnəzərdir. Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz. Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!. * * * İrəvan müxbirimizdən Dəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər. Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır. 1891-ci ildən başlayaraq şəhər başqa cür hərəkət etməyi qət etdi: həmin il şəhər duması şəhərin nəfinə Dəlmə bağlarına vergi təyin etməkdən ötrü onların gəlirini hesablayan xüsusi bir komissiya düzəltdi. Şəhər qanunnaməsinin 129-cu maddəsinə görə, vergi əmlakdan götürülən xalis gəlirin on faizindən, yaxud həmin əmlakın dəyərinin bir faizindən artıq olmamalıdır. Lakin 1891-ci il komissiyası Dəlmə bağlarına o qədər yüksək qiymət qoydu ki, illik verginin ölçüsü bağların illik gəlirindən xeyli artıq çıxırdı. Beləliklə, 1891-ci ilə qədər verilməyib üst-üstə yığılan vergi qalıqları elə bir ölçü aldı ki, bağ sahibləri bağlarından da, qalan vergiləri ödəməkdən də boyun qaçırmalı oldular. Lakin nədənsə şəhər pulları yığmaq işini ləngidirdi. Görünür, şəhərin nəzərdə tutduğu bu tədbirlər arzu olunan nəticəni verməmişdir; vergi qalıqlarını yığmaq bağ sahiblərini büsbütün var-yoxdan çıxara bilərdi ki, bu da yaxşı olmazdı: camaat haqlı olaraq şikayətə başlardı. 1900-cü il fevralın 3-dək işlər belə idi. Həmin gün İrəvan şəhər duması bir qərar çıxardı ki, orada başqa mətləblərlə yanaşı, biz aşağıdakı maddələri də oxuyuruq: Dəlmə bağları onların indiki sahibləri tərəfindən şəhərdən müsadirə edilmiş hesab olunsun, 2) 1891-ci ildən üst-üstə yığılmış vergilərin ödəniləcəyi ümidsiz olduğundan, ödənilməmiş vergi məbləği onların üzərindən götürülsün, 3) Bağları zəbt edənlərə təklif olunsun ki, şəhər dumasının təyin etdiyi komissiyanın qoyduğu xüsusi qiymətin yarısı qədər pul verib bağları şəhərdən alsınlar və 4) Alınan bağların dəyərini ödəmək üçün on il möhlət verilsin və bu şərtlə bağlar otkup və töycü əsasında onları qəsb edənlərdə qalsın. Bu həm asan, həm də ucuzdur: xeyli məsarif götürəcək məhkəmə-filan qurmadan Dəlmə bağlarının İrəvan şəhərinə məxsus olduğu elan olundu. Lakin dumanın bu son qərarı da işə kömək etmədi: bağ sahibləri heç kimdən öz xüsusi bağlarını almağa bilmərrə razı olmadılar. Bu minvalla yenə də şəhərin işi gətirmədi. Onda bəs necə olsun? Təzədən dala qayıtmaq və vergi qalıqlarının yığılmasına başlamaq lazımdır. Bir neçə gün bundan qabaq bütün Dəlmə bağ sahiblərinə kağız göndərildi ki, 1891-ci ildən bəri yığılıb qalmış vergi qalıqlarını bir həftə müddətində ödəməsələr, onların daşınar əmlakı satışa qoyulacaqdır. Vergi borcu olanlar özlərini itiriblər. Biz eşitdik ki, bu bağ sahiblərindən bəziləri həmişəlik öz bağlarından əl çəkməyi ciddi surətdə qət etmişdilər. Lakin bunu nə ilə izah etmək olar ki, şəhər idarəsi Dəlmə bağları üçün ödənilməli olan vergi qalıqlarını ancaq indi yığmaq fikrinə düşmüşdür, halbuki bunu çox-çox bundan əvvəl, heç olmasa bir-iki il bundan əvvəl də edə bilərdi? Bu sirri biz gələn dəfə aydınlaşdırmağa çalışarıq. “Kaspi” qəzeti, Bakı, 7 mart 1902, № 53 * * * Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə. Çünki hükemâlar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər". Ey mənim Müsəlman qardaşlarım. Zəmânə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb ve gözlərinizi yumub, o qədər "ha-ha" edib güldünüz ki, az qaldı bağırsaqlarmız yırtılsın ve des-mal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana" dediniz, vaxt elə gümân etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim Müsəlman qardaşlarım. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağmıza ve diqqətlə baxınız camâlımıza. Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim Türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlâlət edir. Amma hərdənbir keçmiş günləri yâd etmək lâzımdır; salınız yâdınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sâkit olmurdunuz. Âxırı bîçârə ananız sizə deyirdi: -Bala, ağlama, xortdan geler, seni aparar. -Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sâkit olurdunuz. Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yâd etməyin nə eybi var? * * * İrəvandan (xəbər) Şəhər dumamızın son növbəti iclasında başqa məsələlər cümləsində su kəməri məsələsinə də baxıldı. Görəsən, bədbəxt şəhərimizə su kəmərini görmək qismət olacaqmı? Cənab Babova verilən konsessiyanın təsdiqi işi güc-bəla başa çatmaqda idi ki, ortaya təzə bir maneə çıxdı. Səhər dumasına tacir İsay Canpoladovun bu məzmunda bir ərizəsi yetişdi ki, o, su kəmərini şəhər üçün daha əlverişli şərtlərlə çəkməyə hazırdır. Şəhərin bu iki ağadan hansını seçəcəyini qabaqcadan demək çətindir; amma bir şey şəksizdir ki, hələlik bu məsələ dedikcə ləng həll olunur. İndilik belə bir sual ortaya çıxır: C. Babovla bağlanıb, artıq müvafiq başçılar tərəfindən bəyənilmiş müqaviləni ləğv etməyə dumanın haqqı varmı? Hazırda duma məmurları bu hüquqi sualın cavabı üzərində baş çatladırlar. Bu iclasda irəvanlı Məşədi Abbas Xararatovun boş qalmış şəhər torpağının ona icarəyə verilməsi barədə ərizəsinə də baxıldı. Duma bu ərizəni yekdilliklə rədd etdi. Yerli tatarlardan bir başqasının eyni məzmunda ərizəsinin də başına o işi gətirdilər. Lakin bu cür məsələləri həll etmə üsulu olduqca maraqlıdır. Sədr məlumat verir: “Məşədi Abbas ərizə vermişdir ki,...”, sədr sözünü qurtarmamış duma üzvlərinin səsi eşidilir: “olmaz”; yaxud da belə olur: sədr məlumat verir: “İrəvan şəhərinin sakini kərbəlayı Cəfər Əli oğlu uprava idarəsinə ərizəsində xahiş edir ki,... “ Qlasnılar içərisindən “olmaz”, “olmaz” sözləri eşidilir. Bu surətlə duma məzmunu ilə tanış olmadığı ərizələr haqqında qərar çıxarır. Sonra şəhərin çəki işlərini icarəyə götürmüş şəxsin ərizəsi haqqında məlumat verildi. Həmin şəxs xahiş edir ki, keçən ilin dekabrından bəri pambıq firmalarından şəhər upravası hesabına vüsul olan tərəzi pulunu yığmaq üçün ona ixtiyar verilsin. Məsələ ondadır ki, dekabr ayınadək tərəzi pulunu şəhər təsərrüfatı idarəsi yığırdı. Dekabr ayında isə bu iş indi tərəziləri icarəyə götürmüş şəxsə icarəyə verildi, lakin müxtəsər dekabr müqaviləsində göstərilməmişdir ki, yerli pambıq firmalarından alınan tərəzi pulları kimin hesabına vüsul olmalıdır, odur ki, müqavilədə gözdən qaçan bu cəhəti şəhər də, icarəçi də – hərəsi öz xeyrinə izah edir. Duma bu məsələni müzakirə edərək, icarəçinin xahişini rədd etdi. C. m. “Kaspi” qəzeti, 28 mart 1902, № 82 * * * Getdi cahandan həzrəti-Sidqi Əz cahan rəft həzrəti-Sidqi, Səd həzaran driğ, səd əfsus! Amma çox zamanlar çəkər ki, mərhumun adı vətəndaşlarımızın yadından fəramuş ola. Çox zamanlar maarifpərvər həmşəhrilərimiz deyəcəklər: “Səd həzaran driğ, səd əfsus”. Nədir buna bais? Nə eləyibdi bizə Sidqi ki, onun dünyadan getməyinə bu qədər ah-nalə çəkib, ağlayırıq? Cavabım budur: ah-naləmiz məhz bir bundan ötrü deyil ki, Sidqi şəhərimizdə bir nizamlı məktəb açmış. Ah-naləmiz ondan ötrü deyil ki, əgər Sidqi olmasaydı, bəlkə hələ indiyədək yazıq vətənimizin fəqir balaları məcbur idilər dükanların qaranlıq bucaqlarında və samanlıqların soyuq künclərində, nəm torpaqlar üstə çöküb, cırıq çərəkələrin üstə səriştəsiz müdərrislərin çubuqlarının xovfundan gözyaşı töksünlər. Ah-naləmiz məhz ondan ötrü deyil ki, mərhumun dövlətindən indi həmşəhrilərimizin yüz iyirmi (bəlkə dəxi də artıq) balaları məscidi-camenin civarında tikilmiş böyük bir imarətdə, güşad, isti və quru klas otaqlarında, stullar üstə, nizam ilə əyləşib, neçə-neçə bakəmal ustalardan elmi-ilahi, türki, rus, fars və ərəb dilləri, coğrafiya, mühəndislik, tarix və başqa elm və tərbiyə öyrənirlər. Və ah-naləmiz məhz ondan ötrü deyil ki, Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman (on il bundan irəli) belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrət Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur. Sidqi Naxçıvana gəlməmiş şəhərimizin camaatı təzə qayda üzrə elm təhsil eləməyi xoşlamayıb, təzə üsul məktəbxana açılmasına bilmərrə rağib deyildi. Çox sözlər bu barədə danışılıb, çox müzakirə və mübahisələr olub və heç biri nəticə bağışlamayıb. Və bu tövr söhbətlərin şiddətli vaxtı idi ki, Sidqi varid oldu Naxçıvana. Mərhum qırx-qırx iki sinnidə bir adam idi. Anadan olub Ordubad şəhərində və Ordubad mədrəsəsində bir qədər oxuyandan sonra əhli-əyal sahibi olub, çayçılıqla güzəran kəsb edirdi. Mərhumun qəhvəxanasında çay içənlərin çoxu bu saat sağdır. Bir yada salsınlar haman dükanda keçən günləri, orada danışılan söhbətləri, orada olunan mübahisələri. Gətirsinlər yada Sidqinin vəz və nəsihətini. Məgər yalandı ki, çayxanada özgə bir söhbət yox idi savayı millət, mərifət, elm, şəriət, təməddün və bu qism işlər? Çay satmaq müvəqqəti və arizi məşğələ idi mərhum üçün. Onun təbii sənəti vaizlik və müdərrislik idi. Bir az vaxtda çayçılığı boşlayıb, Ordubad şəhərində mərhum bir neçə uşaq başına cəm edib, başladı müəllimliyi. Bir belə vücudun tərifi ola bilməzdi sair yerlərə yayılmasın və az vaxtda Sidqinin adı şəhərimizdə o qədər şöhrət tapdı ki, çoxları mərhumu ziyarət etməyə müştaq idilər. Dəxi aşkardır ki, Naxçıvana Sidqinin məhz varid olmağı lazım imiş ki, çətin məsələlər kəşf olunsun, mətləblər zikr olunsun, söhbət qızışsın və neçə illərlə ürəklərdə olan arzular yerinə gəlsin. Sidqi əvvəl istəmirdi vətənindən uzaqlaşsın, istəmirdi həmşəhrilərinin uşaqlarını mərifət və tərbiyə feyzindən məhrum eləsin. Amma Naxçıvan maarifpərvər və millətpərəstlərinin dəfəatla göndərilən təkidli dəvətlərini axirül-əmr qəbul etdi; bu niyyət ilə ki, Naxçıvanda millət yolunda xidmət etmək meydanı mərhum üçün dəxi də gen ola bilər. Allah şahiddir ki, Sidqinin vətənimizə varid olmaqlığı şəhərimizin mədəniyyət və maarif tarixi üçün bir mühüm fəqərə oldu. Naxçıvana gələn kimi burada guya ki, zəmanə birdən təğyir tapdı. Mərhumun vəz və nəsihətinin səmərəsi bir az vaxtda görsəndi. Hər bir kəs ki, dünən deyirdi: “Mən sizin təzə məktəbinizi istəmirəm”, bu gün Sidqi ilə söhbət edəndən sonra söyləyirdi: “razıyam”. Hər kəs dünən rus dərsini oxumağı təkfir edirdi, bu gün mərhumun məsləhəti ilə uşağını qoyurdu rus dərsinə. Mərhum camaat ilə etdiyi söhbətlər təxminən bu növ idilər: “Qardaş, Məşədi Həsən, nə səbəbə razı olmursan ki, oğlun gəlsin təzə məktəbimizə? Niyə razı olmursan və nədən qorxursan? Sənin oğlun bizim məktəbdə oxuyacaq türk dili, yəni ata-anasının dilini. Şəriət, fars, rus, qeyri bir şey. Niyə razı olmursan və niyə mənim sözlərimə etina eləmirsən? Bir bax gör mən kiməm? İnsafdırmı mənim kimi adama sən etibar etməyəsən? Vay, vay!.. “. Bu sözlər mötad sözlərdir. Amma Sidqinin təqrirində sözlər özgə şəklə düşüb, əlahiddə məna verirdilər. Şirinkəlam və xoştəqrir olmaqdan savayı mərhumun vəzinin təsiri o mərtəbədə idi ki, həmsöhbəti hər anda özünə mürid etməkdə idi. Pəs nə idi mərhumun əfkarı, nə yolda mərhum çalışırdı və nə mətləbə qulluq edirdi? Bu sualların cavabını eşitmək xahiş edən oxusun mərhum düzdüyü gözəl mənzumələri, danışdırsın o tərbiyə verdiyi şagirdləri: nəşri-maarif və təməddün, dini-islama rəvac vermək, dövlətə itaət və insaniyyət aləminə məhəbbət. Bu bir neçə mətləblər idi Sidqi tamam ömründə axtardığı şeylər. Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və maarif aləmində olan indiki əhvalı ilə on il bundan əqdəm olan halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, – insafdan və həqiqətdən bilmərrə uzaq olmaz. Mərhumun şəxsi sifətləri misilsiz idilər: təmkinli, mömin, sadiq, sakit, xoşəhval, rəhmdil və xeyirxah. Gözəl-gözəl xasiyyətlər Sidqini Naxçıvanda zərbül-məsəl eləmişdilər. O hörmət və məhəbbəti ki, camaatımız mərhuma göstərirdi, – indiyə kimi heç bir şəxsə göstərməyib. Mərhumu can-dildən dost tuturdular mollalar, seyidlər, xanlar, əsnaf və hammal. Küçə və bazarda Sidqini barmaq ilə göstərirdilər. Mərhumun vəfatı günü çox kişilər göz yaşı töküb. Cənazəsini dəfn eləməyə gedən camaatı küçələr tutmurdu və yəqinül-yəqin bu camaatın hamısı başını aşağı dikib, qəlbində deyirdi: “Səd həzaran driğ, səd əfsus”. Cəlil Məmmədquluzadə “Şərqi-Rus” qəzeti, 30 yanvar 1904, №11 * * * Ədəbiyyat Yanvarın 30-da Tiflisdə müsəlman dilində teatr məclisi təşkil olmuş. Həmən məclisdə mərhum Mirzə Fətəlinin “Mərdi-xəsis Hacı Qara” adlı təmsili oynanıldı. Müsəlman qardaşlarımız mədəniyyətə ələl-ümum və əsrimizə müvafiq mətləblərə rağib deyillər. Habelə teatr məclislərinin də qədrini bilməyib, bu növ işlərə məhəl qoymurlar. Hələ indiyə kimi müsəlmanların cümləsi teatr məclisini “oyunbaz məclisi, hoqqabaz yığıncağı” hesab edib, bu tövr yerlərə getməyi şənlərinə şikəst bilirlər. Çox səhv edirlər o şəxslər, hansılar ki, teatr məclisini oyun-oyuncaq məclisi mənziləsində tuturlar, çünki teatr məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki gülməyi. Əgər Tiflisdə qonşu millətlərimizin banizam və cəlallı teatr dəsgahlarını müsəlmanlarımız öz gözləri ilə görməmiş olsaydılar, biz bu barədə dəxi də çox danışardıq. Güman edirik ki, bu dediyimiz kifayət verə. Dəxi təəccüb eləmirik ki, “Hacı Qara” məclisinə az müsəlman cəm olmuşdu. C. m. “Şərqi-Rus” qəzeti, 4 fevral 1904, №13 * * * 4 iyun, Tiflis Dünən bir məclisdə bir gürcü qızı ilə tanış oldum. Qızın danışığından və simasından görünürdü ki, bu qız elm və tərbiyə sahibidir. Söhbət arasında qızın yaxın rəfiqələrindən bir arvad ayın beşində “Vetsel” teatrında əcib tamaşa məclisi vaqe olacağını xəbər verib, əhli-məclisə təklif elədi ki, onunla bərabər getsinlər teatra. Söylədiyimiz qız razılıq edib, cavab verdi ki, mən bu təklifi qəbul edə bilməm. O səbəbə ki, bu günlərdə kəndimizdə bir arvad doğasıdır və mən əlbəttə, üç gündən sonra kəndimizdə olam. Çünki orada mamaça yoxdur. Qızın bu söhbətini eşidəndən sonra mən dəxi güman elədim ki, bunun mamalıq elmində səriştəsi var. Bu mətləbi mən qızdan soruşdum. O, mənə cavab verdi ki, Tiflisdə mamalıq məktəbxanasında təhsil edib, bir neçə il bundan əqdəm mamalıq şəhadətnaməsi almışam. Mənim ikinci bir sualıma qız cavab verdi ki, onunla bərabər doqquz nəfər gürcü qızı və bunlardan da artıq erməni və bunlardan da daha ziyadə rus qızları və bir neçə yəhudi qızı mamalıq təhsilini tamam edib, şəhadətnamə almışlar. Mən soruşdum: Bəs onların içində müsəlman qızı yoxdurmu? Xanım – Xeyr, yoxdur – İndiyə qədər heç bir müsəlman qızı məktəbə əsla xadil olmamışdır. Bu heyndə bir əhvalat yadıma düşdü: Bir neçə ay bundan əqdəm sakin olduğum “N” şəhrində bəyzadə tayfasından bir xanım mamaya möhtac oldu. İttifaqən həmən gün dövlət tərəfindən təyin olunmuş rus maması vəfat etdi. Çox xərc çəkib, nəhayət zəhmətlə özgə şəhərdən rus maması gətirdilər. Amma çe fayda? Var. Oluncaya qədər bizim qoçaq və cəsarətli yerli mamalarımız uşağı anasının qarnından cansız olaraq qopardılar, aldılar. Rus maması və həkimlər hamilə arvadın əhvalatını təhdid edəndən sonra belə məlum oldu ki, hamilənin vəzi-həml etmək vaxtı və saatı hələ yetişmədən, yəni uşağı müəyyən və az vaxtından otuz iki saat əvvəl və qol zoru ilə çəkib çıxardıblar. Və illa uşaq əbədən tələf olmazdı. Nə qədər ki, bu növ müsibətlər avam camaatın içində ittifaq düşür. Neçə-neçə balaların vaxtsız ölməyinə bizim cahil mamaçasızlığın bərəkətindən ya zaye olurlar və yaxud cürbəcür təhlükəli və ölümcül mərəzlərə mübtəla olurlar. Söhbət düşəndə deyirlər ki, Allaha şükür, müsəlman qızları yavaş-yavaş oxumağa başlayıblar. Söyləyirlər ki, Tiflisdə Bakıda, Krım, Kazan və bəzi qeyri yerlərdə müsəlman qızlarından da elm və tərbiyə təhsil edənlər tapılar. Lakin biri-birimizə bu tövr təskinlik verə-verə biz məhz özümüzü aldadırız. O səbəb ki, bizim təhsil tapmış xanım qızlarımız öz təhsilləri və hüsnü-əxlaqları ilə tərbiyəsiz və elmsiz qızlardan seçilirlər. Vaqeən, harada və nə işdədirlər bizim “Obrazovanni” xanım qızlar? Doğrudur, gah belində “korset” və başında şlyapa, üzüaçıq teatrda oturub durbin ilə tamaşagaha diqqət edirlər ya küçələrdə, soqatlarda kamali-təşəxxüs və əzəmətlə qədəmlərini ufaq-ufaq basıb, səy etməkdədirlər ki, xarici millətlərin “Barişnalarına” bənzəsinlər, oxumasınlar. Lakin elm və təhsildən murad budurmu? Mədəniyyət və insaniyyət zahiri geyimdən, gəzişdən... ibarət zənn edən bu kimi arvadların ərlərinə nə tövr arvadlıq, uşaqlarına nə tövr analıq edəcəkləri şayani-diqqət bir məsələdir. Çünki bu növ işlərimiz dörd divar arasında və pərdə dalındadırlar. Amma zahir hərəkətlərlə və əməllər ilə indiyədək xanım-qızlarımızı tərbiyə və elm sahibi olmaqlarını büruzə verməmişdilər. Təhsil görən xanım – qızların hansı bir neçə qız uşağı başına cəm edib, biçarə vətən balalarımıza tərbiyə verməyə mübaşir oldu? Bunların hansı tibb, mamalıq, ya qeyri bir mənfəətli elm və sənət əxz edib, sahibi-elm və sərriştə olub, camaata qulluq eləyir? Xülasə, indiki yol və hal ilə salamatla çıxmayız. Zaman və halımız işlərimizin qonşularımızınkı kimi olmasını izab və iqtiza edir... “Şərqi-Rus”, 4 iyun 1904, № 65, səh.2 * * * Diqqət etməli Tiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim; çünki doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar. Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar? Həmişə qəbiristana yolum düşəndə buraya cəm olan küçə uşaqlarından elə biədəbanə hərəkətlər görmüşəm və bunlardan elə bir nagüvar danışıqlar eşitmişəm ki, yazı ilə söyləmək qabil deyildir. Və mən elə bilirəm ki, bu işləri görən, bilən və eşidən tək bir mən deyiləm. Pəs niyə bu barədə bir kəs bir söz söyləmir? Bir dəfə qəbiristanın kənarından yol ilə bir neçə xaric millətin arvad-uşağı keçirdi. Məhəllə uşaqları başladılar bunlara daş atmağa və bihörmət sözlər deməyə. Arvad-uşaq istədilər ki, qaçıb uşaqlardan uzaq olsunlar. Məhəllə uşaqları və bunların içində bir neçə saqqallı cavanlar qızları qovalayıb hər tərəfdən əhatə etdilər. Qızlar başladılar çığırmağa, axır qəbiristandan bir neçə müsəlman qızların dadına yetişib bunları məhəllə uşaqlarının əlindən xilas elədi. Söylədiyimiz sözlərin haqq və biğərəz olmağına məhz Tiflis qəbiristanına yolu düşən şəxslər inanıb şəkk etməyəcəklər. Vallah, nə Naxçıvan, İrəvan, nə Bakı və İran, nə Hindistan, nə Türküstan və nə uzaq-uzaq cəzirələrin vəhşi millətləri inana bilər ki, Tiflis kimi şəhərin saqqallıları uşaqlara qarışıb və qəbiristana cəm olub günlərini oynamaq, söyüşmək, çığırışmaq, savaşmaq və yoldan keçənlərə sataşmaqla keçirsinlər. “Şərqi-Rus”, 18 iyun 1904, № 77 * * * Naxçıvanda bir səyahət Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum. Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi? Rəfiqim cavab verdi: “Şərqi-Rus” qəzeti çox gəlir və buranın adamları onu oxumağı çox dost tuturlar. Soruşdum ki, həftədə neçə dəfə ziyarət olur? Cavab: Rəbiüs-sani ayının səkkizinə kimi həftədə üç dəfə ziyarət və qiraət olurdu. Amma indi həmd olsun Tanrıya ki, hər gün oxunur. Bu cavabı ki, dostumdan eşitdim, çox şad və məsrur oldum və dedim: “Şad dil baş ke, dilşadəm kərdi”. Nəhayət dərəcədə təbrik edirəm “Şərqi-Rus” qəzetini ki, iki ilin müddətində Xudavəndi – aləmin hövl və qüvvətilə müsəlman qardaşlarımızın arasında gün kimi aşkar oldu. Təbrik edirəm! Maşallah! Sübhün ruhəfza yeli hərəkətdə idi. Bağın bülbülləri günagün nəğmələr ilə xalqı şad edirdi. Bu əsnada gözümün önündə olan bir xarab olmuş və uçmuş binaya nəzərim düşdü ki, bir neçə il bundan irəli uçub xarab olmuşdu. Və onun divarlarını taxta-para ilə hər tərəfdən mıxça ilə bərkitmişdilər. Diqqət nəzərilə baxanda guya bir mötəbər məscidə oxşayırdı. Mən yanımda əyləşən adamdan sual elədim ki, o buna ki, uçub xarab olub, o əvvəl nə imiş? Cavab: – O məşhur olan Zaviyə məscididir ki, Naxçıvanın keçmiş illərində əvvəlinci məscid idi ki, hər il əyyami-məhərrəmdə buraya cəm olub, təziyeyi-Hüseyn əleyhüssəlamı itmam edirdilər. Amma bir neçə il var ki, uçub xarab olubdu. Naxçıvanın həmiyyətliləri hər il qeyrətlə bir yerə cəm olub, siyahı ediblər ki, pul yığıb bunu tikdirsinlər. Yenə iş düzəlməyib, naqis qalır. Bu cavabı yoldaşımdan eşidəndə söyüd ağacına təkyə edib, dərin fikirə piçidə oldum. Bu halda yoldaşım məni dümsüklədi və dedi: – Bax! Baxıb gördüm ki, on adam bir, on beş adam bir başlarında tabaq (xonça), içində bir kəllə, kimisi iki kəllə qənd peydərey aparırlar. Mən təəccüb ilə dostumdan sual elədim ki, bunlar hara gedirlər və bu qəndləri kimə aparırlar? Yoldaşım: Bu gün bir xani-valaşən öz köhnə evindən təzə tikdirdiyi evə yığışıb. Bu gün mübarəkbadlıqdan ötrü ona qənd aparırlar. Onun dediyinə görə bu qəndləri paylamaq üsulu qədim vaxtdan avmün-nas adamlardan övladlarına qalan vəsiyyətdi. Gün bir az isinmişdi. Yarpaqların səsi kəsilmişdi. Bülbüllər günün hərarətindən pərakəndə olub getmişdilər. Zatən bunları dinləməyə kimdə hal qalmışdı!! Məscidin xaraba qalmağı insanı qüssənak edirdi və camaatın bu mərtəbə avamlığı adamı dərədə mübtəla edirdi. Durub yoldaşımın ətəyindən yapışıb, Naxçıvanın qərb tərəfinə rəvanə olduq. Müştəri “Şərqi-Rus”, 27 iyun 1904, № 86 * * * Yeni ibtidai məktəbdə Azərbaycan dili Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150). Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir. Biz çox-çox təəssüf edirik ki, komissiyanın tərkibini pedaqoji dairələr, ictimaiyyət və mətbuat nümayəndələri hesabına artırmaq haqqında komissiya üzvü c. Caparidzenin tam haqlı binagüzarlığı rədd edilmişdir. Elə ki, biz çoxmilyonlu tatar əhalisi ana dilinin müqəddəratının Bağırov, Qəniyev və Saniyev kimi cənablara tapşırıldığını eşitdik, elə ki, bütün bu işlərin gizli dəftərxana örtüsü altında baş verdiyini öyrəndik, bizdə belə bir təbii arzu əmələ gəldi ki, görək “məktəbin ehtiyaclarını kifayət qədər bilən” bu adamlar nə iş görmüşlər. Biz bunları öyrəndik. Cənab Bağırov bütün iclas boyu susmuş və axırda protokola qol çəkmişdir. Cənab Saniyevin də nə danışdığı bizə məlum deyil; bu barədə “protokol”da da heç bir qeyd yoxdur, hərçənd indiyədək məlum idi ki, c. Saniyev müsəlmanların tatar dilində oxumalarını az qala bir axmaqlıq hesab edirdi. İndi həmin bu Saniyev pedaqoji dairələrin nümayəndəsi sifətilə tatar dilinin müqəddəratını həll edir. Bağırov, Qəniyev və Saniyev cənablarını komissiyaya üzv seçən şəxslərin hansı mülahizələrə əsaslandıqlarını biz başa düşmürük. Axı, bizdə həqiqi pedaqoji dairələrin nümayəndələri vardır; bizdə köçərlilər, süleymanovlar, vəkilovlar, mirzəyevlər, şahtaxtlılar və bir çox başqaları vardır; nəhayət, bizdə mətbuat nümayəndələri də vardır. Əgər bu yaxınlarda Peterburqa ərizə aparmış müsəlman rəsmi nümayəndələri bilsəydilər ki, onların binagüzarlıqlarının yerinə yetib-yetməməsi c. Saniyevin və onun kimilərin rəyindən asılı olacaqdır, söz yox, o nümayəndələr zəhmət çəkib nə qüvvə, nə vaxt, nə də pul zay etməzdilər. Komissiyanın beşgünlük iclasının nəticəsinə keçək (8, 19, 20, 21 və 22 iyulda). Beş gün yığılmış komissiya nə iş görmüşdür? Mənim bu suala cavabım hazırdır; bəlkə də cavab qəribə görünəcəkdir, lakin mən onu ən möhkəm sübutlarla təsdiq edəcəyimə söz verirəm. Mən açıq iddia edirəm ki, komissiya heç bir iş görməmişdir, heç bir tədris planı tərtib etməmişdir; o ancaq Qafqaz təhsil dairəsi popeçiteli şurasının 1880-cı il dekabrın 12-də tərtib etdiyi ibtidai məktəb tədris planını sözbəsöz köçürmüşdür. Həmin tədris planı Qafqaz canişini imperator zati-aliləri Mixail Nikolayeviç tərəfindən təqdir edilərək, Qafqaz təhsil idarəsi popeçitelinin 1881-ci il 4 fevral tarixli, 598 nömrəli göstərişi ilə yerli əhali arasındakı məktəblərin müdirlərinə əldə rəhbər tutmağa göndərilmişdir. Bu məsələ ilə maraqlanan və mənim sözümün doğruluğuna şübhə edən oxuculardan həqiranə xahiş edirəm ki, Qafqaz təhsil dairəsi sərəncamları məcmuəsinin III cildində 623-cü səhifəni açıb baxsınlar. Orada onlar həmin materialı oxuyacaqlar ki, o bu günlərdə “Yerli əhalinin uşaqları üçün yeni məktəb” sərlövhəsi altında, bəzi dəyişikliklərlə “Tiflisski listok”un 150-ci nömrəsində çap olunmuşdur. Dövlət məktəblərində tatar dilinin qoyuluşu məsələsi birinci dərəcəli əhəmiyyəti olan bir məsələdir, bu məsələyə dair çoxlu ədəbiyyat vardır; müsəlmanların ərizələrində o, birinci yeri tutmuşdur. Bax, buna görə bu məsələnin müqəddəratını üç kənd müəlliminin ixtiyarına vermək çox haqsızlıq olardı. Biz tamamilə əminik ki, əgər məktəb komissiyasında həqiqətən həyatın və xalqın tələbləri ilə tanış olan adamlar iştirak etsəydilər, o zaman onlar səssiz-səmirsiz protokolu imzalamaq əvəzinə, yerlərindən qalxar, komissiya üzvlərinə üz tutub deyərdilər: “Ağalar! 12 dekabr 1880-ci ilin ibtidai məktəb tədris planında tatar dilinə heç də sizin nəzərdə tutduğunuzdan az yer verilməmişdir; lakin buna baxmayaraq, o vaxtdan keçmiş 25 illik müddət ərzində, bütün hökumət məktəblərində olduğu kimi, ibtidai məktəblərdə də tatar dilinin keçilməsi nəinki vacib hesab edilməmiş, bəlkə artıq görülmüşdür... Ağalar! Heç bir tədris planı tərtib etməyin: nə qədər ki müxtəlif xırda adamlar, bu məsələdə isə sözü keçən zorbalar tatar dilini təqib edirlər, nə qədər ki darül-müəllimin direktorları özlərinə tabe olan tatar dili müəllimlərindən bu “çaq-çuqu”un tədrisinə çox da səy göstərməməyi tələb edirlər, nə qədər ki levitskilər müvafiq yollarla yerli dilləri məktəbdən kənara vurub çıxarırlar, nə qədər ki hər yerindən duran inspektor öz dərsinə şövqü olmayan tatar dili müəllimlərini ağızdolusu tərifləyir, sizin planlarınız işə kömək etməyəcəkdir”. Qarşıdakı məsul işi görmək üçün komissiyaya az-çox vaxt verilməsi haqqında komissiyanın bəzi üzvlərinin xahişi tamamilə yerli xahişdir. Heyif ki, bu xahiş qəbula keçməmişdir. Əlbəttə, əgər nə isə yeni bir şeyin yaradılması deyil, ancaq köhnənin surətini çıxarmaq nəzərdə tutulmuşdusa, onda bu başqa bir məsələ. Yerli dillər məsələsi çox diqqətlə işlənib həll olunmalıdır; tatar dilinə gəldikdə isə, bu məsələ o qədər mürəkkəbləşir ki, bu barədə aylarla götür-qoy etmək, düşünmək və cild-cild kitab yazmaq lazımdır. Misal üçün mən həllini tədris planı tərtibindən daha çətin hesab etdiyim bir məsələ üzərində dayanmalıyam: əgər tatar dilinin tədrisi pedaqoji hazırlığı olan adamlara tapşırılmalıdırsa, – ki yeni tədris planı haqlı olaraq bunu tələb edir, – o zaman bu müəllimləri haradan, hansı müəllimlər məktəbindən almalı? Darülmüəlliminlərdənmi? Məgər bu darülmüəlliminlərdə tatar dili öyrənilirmi? Seminariyanı qurtarmış tatarların bu cəhətdən savadsız olmaları bu axırıncı suala tam doğru cavabdır. Bax, üzərində düşünülməli vəziyyət budur. Məmmədquluzadə “Tiflisski listok”, 5 avqust 1905, №159. * * * Faydalı təşəbbüs Ali senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”. Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik. Məlumdur ki, məhkəmə binalarını dolduran adamların çoxu xahişçilər olur. Onları adətən məhkəmənin qapısı ağzındakı səkinin üstündə, koridor və pilləkanlarda, iclas otağının axırıncı sıralarında, dəftərxana küncündə və divar dibində, eyvanda və həyətdə görmək mümkündür; burada onlar ayaq üstə durur, oturur, uzanır, papiros, ya çubuq çəkir, qəlyanaltı eləyir və hətta yatırlar. Onlardan bir çoxunun əlində siz səkkiz qat bükülmüş yazılı kağız görərsiniz: bu, ərizədir. Bu minvalla onlar təmkinlə oturub, “hakim gəlir” sözləri elan edilincəyə qədər itaətkarlıqla gözləyirlər. Onlardan kimisi ərizə vermək istəyir, kimisi öz şikayətini dilcavabı söyləmək niyyətindədir, kimisi icra vərəqəsi yaxud başqa sənədləri almaq fikrindədir, kimisi istintaqda olan işinin vəziyyətini öyrənməyə gəlmişdir... Nəhayət, “hakim gəlir” sözləri eşidilir və xahişçilər ona tərəf cumurlar. Oxuculardan təvəqqe edirəm elə güman eləməsinlər ki, əgər xahişçilərə çoxdan görmək istədikləri hakimi görmək qismət olubsa, deməli, onların işi düzəldi. Xeyr, iş o saat və asanlıqla qurtarmır: hakim camaatın qabağına çıxıb, bütün ərizələri onlardan alır və heç bir söz demədən yenə öz kabinetinə girir; xahişçilər isə yenə gözləyirlər... Yarım saat, bəzən də daha çox keçəndən sonra məhkəmə dilmancı əlində bir vərəq kağız gəlib qışqırır: “İvan Qukasov, 52 qəpik məhkəmə rüsumu, 10 qəpik də yazı pulu!”. Küncdə mürgüləyən Qukasovu oyadırlar, ancaq indi, səhərdən sol əlində tutduğu 62 qəpiyi verəndən sonra, Qukasov asudə olur və rahatca nəfəs alıb gedir. Yarım saat da keçəndən sonra dilmanc “Həsən Hüseyn oğlu!..” çığırır və i. a. Bütün bunlar əldən-ayaqdan kənar bir şəhərin uzaq guşəsində deyil, Tiflis şəhərində baş verir. Təəccüblü və anlaşılmaz cəhət odur ki, bu 62 qəpik nə üçün elə ərizələrin özünü yığanda tələb olunmasın və bu Həsəni yaxud bu Qukasovu nə üçün yorub əldən salsınlar?.. Təsvir olunan səhnə tiflislilərə çox tanışdır. Həm də bu səhnəni biz “təcili” məhkəmədə müşahidə edirik. 1864-cü il ustavları deyir ki: “hakim ərizələri hər bir zaman qəbul edir”; əslində isə belə bir şey yoxdur: bizdə hakimlər ərizələri istəyən vaxt qəbul edirlər... Bizə deyə bilərlər ki, senat fərmanı camaatın tələblərinə riayət etməyən mirovoy sudyaları məhkəməyə verməkdən bəhs edir. Biz isə cavab verə bilərik ki, sərkislər, hüseynlər və ivanlar bunu eləyə bilmirlər. Günlərlə bir çox sərkislərə mirovoy sudyanın camalını görmək və öz iddiaçı ərizəsini ona təqdim etmək xoşbəxtliyi nəsib olmur. Göstərilən fərmana, bax, bir də bunları əlavə etmək lazım idi. Məmmədquluzadə “Tiflisski listok” qəzeti, 17 avqust 1905, № 170 * * * Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu? İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur. İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi. Beləliklə, nə ibtidai məktəb haqqında qüvvədə olan qanunnamələrdə, nə də ruhani idarələrin mövcud qaydalarında müsəlman məktəbi üçün heç bir normal proqram olmadığından, bu çətin vəziyyətdən çıxmaq yolu Aspisova xanımın üzünə həmişəlik bağlanmışdır. Lakin bir məsələ anlaşılmaz qalmışdır; bəs İrəvan şəhərindəki müsəlman məktəbinin və Bakı şəhərindəki Tağıyev qız gimnaziyasının açılışına nə yolla icazə verilmişdir? Güman etmək olar ki, həmin məktəblərə müfti və şeyxül-islamla Qafqaz təhsil dairəsi cənab popeçitelini təmin edən müsəlman şəriəti proqramı əsasında icazə verilmişdir: məgər Aspisova xanıma da bu məktəblərdən birinin şəriətə dair proqramını qəbul etməyi tapşırıb, onun ərizəsinə çoxdan müsbət cavab vermək olmazdımı? Buna görə bizim üçün başqa bir vəziyyət də anlaşılmazdır: nə üçün Zaqafqaziya şeyxül-islamı və müftisi Aspisova xanımın niyyətinə bu cür soyuq yanaşdılar? Nəhayət, axı kim və nə vaxt bədbəxt müsəlman qızlarının acınacaqlı vəziyyətini yada salıb düşünəcəkdir? Məmmədquluzadə “Vozrojdeniye” qəzeti, 5 (18) oktyabr 1905, №3 * * * “Həblül-mətin” qəzeti Haaqa konfransının nəticələri haqqında Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül-mətin” qəzetinin səhifələrində xeyli bədbinmülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü fransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar. “Həblül-mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır! Biz inanmırıq dünyada elə bir adam tapılsın ki, XIX əsrin axırlarında və son illərdə baş vermiş hadisələri heç olmazsa azacıq yadda saxlaya-saxlaya (qoy o lap meşədə yaşayan adam olsun) Qərbdən gələn sülhpərvər bəyanatlara etimadla yanaşsın. Məqalədə deyilir ki, axı cəmisi altı il bundan qabaq bütün rus qəzetləri “Novoye vremya” ilə birlikdə ağız-ağıza verib, öz sülhpərvərliyi haqqında bağırırdılar. Bəs sonra nə oldu? İndi həmin o qəzetlər deyirlər ki, yer üzündə bircə rus saldatı qalıncaya qədər müharibəni davam etdirmək lazımdır. Bəs o sülhpərvərlik necə oldu?.. Lakin mədəni Avropadakı mövcud içtimai və siyasi həyat şəraitində sülh mümkün olan şeydirmi? Məqalə müəllifi bu suala mənfi cavab verərək, öz fikrini belə izah edir: vəziyyəti diqqətlə nəzərdən keçirdikdə biz hər tərəfdə tərəqqiyə doğru qızğın bir hərəkət müşahidə edirik. Milli şüurdakı oyanıqlıq, hissiyyat və tələbat incəliyi ən uca bir mərtəbəyə çatmaqdadır. Bir vaxt vardı ki, bizim ata-babalarımız təkcə palçıq bardağa və kobud yundan toxunmuş bir cüt sadə geyimə qane olurdular. İndi isə Amerikada 25 mərtəbəlik evlər meydana çıxmağa başlamışdır. Bu evlərdə yeyilən xörəklərin sayı 25-ə çatır; insanların milyonlarla başqa ehtiyac və tələblərinin təmini də o ayaqdan. Aydındır ki, belə bir qaynar və get-gedə artan həyat fəaliyyəti ərazinin də durmadan, hədsiz-hesabsız artmasını tələb edir; bu da ki, hərbi qüvvə və ona xas olan bütün atributlar vasitəsilə əldə edilə bilər. C. Məmmədquluzadə “Vozrocdenye” qəzeti, 13(26) oktyabr, 1905, № 9 * * * Tiflis müsəlmanlarının hürriyyət naminə şənlikləri “Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları [arasında] müsadimə vüqu buldu... ” Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir fitnə var. Bir mülahizə ediniz! Müsəlmanları nə qədər axmaq, aləti-fəsad, düşməni-hürriyyət hesab edirlər. Daha doğrusu hesab etdirmək istəyirlər ki, həmin o günü Tiflisdə müsəlmanların hürriyyət naminə görülməyən böyük bir ictimaları vüqu bulduğu halda, bu mədəniyyətli işdən əsla bir söz danışılmayıb, xırda bir münazieyi-şəxsiyyəyi böyüdüb müsəlmanları hürriyyət tərəfdarlarına zidd və bu surətdə mədəniyyətə qeyri-qabil göstərirlər. Buna görə vacib bildim ki, işin həqiqətini ərz edib o günün vüquatından bir az bəhs edəm. Mötəbər “Vozrocdenye” qəzetinin 1-ci nömrəsində yazıldığı üzrə, o günü müsəlmanlar meydanda hürriyyət naminə türkcə nitq söyləyən atəşzəban bir xətibin ətrafına minlərcə yığıldılar. Xətibin hürriyyətamiz sözlərinə canla qulaq asırdılar. Hətta pristavın draqun afserinin darılmaq təkliflərini rədd edib, xətibə nitqində davam etməyi təvəqqe və israr etdilər. Xətib nitqinin axırında: “Qardaşlar! İstiqlal və hürriyyətin nə demək olduğunu bir az anlatdım. “Buntovşik” dediyiniz qonşu və vətəndaşımız sosialist və inqilabçıların nə istədiklərindən bir cüzi danışdım və isbat etdim ki, idareyi-sabiqənin, yəni istiqlalın zərəri hamı qonşulardan artıq biz müsəlmanlara idi. Rusiyada indiyə qədər ən məzlum, ən məğdur və ən ixtiyarsız biz idik. Buna görə bu gün verilən hürriyyət üçün hamıdan artıq biz şad olmalıyıq, hamıdan artıq biz bayram etməliyik, nəinki əlam öz xeyrimizdən bixəbər, bihiss düşmənlərin töhmətlərini təsdiq edək. Gəlin, qardaşlar, bu gün də olsa, hürriyyət naminə bir hərəkət göstərək! Sabah qonşularımızın minnətini çəkməyək. İslamın əsası olan “hurriyyət”i bu gün bizə qanunla verdiklərindən ötrü, biz də hamı qonşularımızla birlikdə izhari-şadmani və bayram eləyək! Qonşularımızı düşməni-hurriyyət olduğumuz zənninə düşürməmək üçun gəlin biz də öz dəstəmizlə şəhərimiz camaatının ümumən məcmuə olan məhəllə gedək. Biz də bu ümumi bayramda qonşularımızla iştirak eləyək...” – deməyinə görə hamı camaat birdən: “Yaşasın hürriyyət!” nidaları ilə xətibi təqib elədilər. Müsəlman hürriyyət dəstəsinin önündə bir çox qırmızı bayraqlar, oxuyanlar olduqları halda Peska yolu ilə ümumi ictimaigah olan vağzal meydanına sarı getməyə başladılar. Əsnayi-mürurda müsəlmanlardan belə bir iş gözləməyən qonşular məsərrətlərindən: “Yaşasın hurriyyət tərəfdarı müsəlmanlar!” nidası ilə küçələri titrədirlərdi. Akoşqalardan müsəlman dəstəsinin ustə yağan qırmızı baydaqlar, qırmızı nişanlar “Urra... ” sədaları ilə qəbul olunurdu. Müsəlman dəstəsinə xristiyan qonşulardan o qədər yığıldılar ki, küçələrdən keçmək mümkün deyildi. Dəstənin önündə müsəlmən cavanları “Marselyoza” mahnısı oxuyurdular. Müsəlman hürriyyət dəstəsinin-vürudunu uzaqdan xəbər alan ümumi məcmə dəstəsinin pişvazına muzikalarını göndərib istiqbal etdilər və müsəlmanların belə bir ictimai iştirak etdiklərinə artıq mərtəbədə izhari-xoşnudi elədilər. 30 – 40 mindən artıq müsəlman, xristiyan camaatı o günü – saat dördə qədər oxunan xütbələrə qulaq asdılar. Orada müsəlman xətibinin məhəllə, halə münasib söylədiyi uzun nitq sürəkli alqışlara məzhər oldu. Müsəlmanların xristiyan qonşuları ilə birlikdə bu surətlə bayram etməkləri: “Müsəlmanlar rus xuliqanları ilə bir olub hürriyyət tərəfdarlarını qıracaqlar... ” xəbərini – ki, bir para alçaq həriflər tərəfindən işaə olunub, – qonşuları xeyli təşvişə salmışdı, yalana çıxardı: Baxınız! Ogünkü belə məsərrətli bir vüquat rus teleqraf şirkətinin Tiflisdəki vəkilinin qapalı gözünə dəyməyib. İki şəxsin münaziəsini iki firqənin müsadiməsi surətində göstərməsində, əlbət, böyük bir qərəz və fitnə olmağında şəkk yox. Allah fitnəkarların şərindən, hiyləsindən saxlasın. C. m. “Həyat”, 6 noyabr 1905, № 96 * * * Müsəlman teatrı Bugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular. Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər. Teatr camaatla xınca-xınc dolu idi. Təəssüf, çox təəssüf ki, oyun nə qədər yaxşı idisə də, camaatın tərtib və oturuşları o dərəcə biqayda və səliqəsiz idi. Hətta bu qaydasızlıq o mərtəbədə idi ki, budəfəki teatra zatən çox az gələn mötəbər familiya və şəxslər birinci pərdədən sonra teatrdan çıxıb getməyi özlərinə fərz bilirlər. Birinci pərdədən sonra camaatın qarşılıqlı, biqaidə hərəkət və vəziyyətləri daha ziyadə artdı. Hər kəs harada keyfi istəyirsə orada otururdu. Nə vaxt canı istəsə tütün çəkirdi. Hələ biletlərə baxmaq üçün bəzi cavanların təyini, teatra altı aylıqdan 10-12 yaşına qədər pək çox məktəb uşaqlarının qəbulu əfv edilməz, çox böyük bir qüsur idi. Ümidvarız ki, bundan sonrakı teatrlarımızda tərbiyəvi familiyaları müsəlman teatrlarından nifrət etdirəcək bu kimi qaydasızlıqlar və qüsurlar olmaz. “Şərqi-Rus”, 28 noyabr 1904, № 234 * * * Binəsiblər Bunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərdən işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları, buraxıb gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər. Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar. Bu, İran fəhlələridir! Onlar bizə İranın ayrı-ayrı mahallarından gəlmişlər; gəlmişlər, çünki onlar orada, öz vətənlərində yeməyə bir şey tapmırlar. Orada nə zavod sənayesi vardır, nə fabrika sənayesi. Orada onlar əsgəri qulluq üçün də dövlətə lazım deyildirlər; çünki İran ordu saxlamır, çünki əsgərlərə verməyə çörəyi yoxdur. İran xəzinəsi boşdur. Bunları, bu fəhlələri orada kənd təsərrüfatı da cəlb etmir, çünki İranın bütün əhalisi bədbəxt proletariatdan ibarətdir. Orada bütün torpaq xanların, nüfuzlu mollaların, şahzadələrin və hər cür insafsız qolçomaqların əlindədir. Əkinçi və muzdur isə tər tökə-tökə yeri əkib, ondan taxıl çıxaranda, bütün bu taxılı aparır mülkədarların ambarına, özü də öz ailəsilə yenə ac qalır və bu aclığa baxmayaraq, yenə də il uzunu öz mülkədarları üçün işləyir, çünki onlardan asılıdır. O da qaçır. O, vətənini, arvadını və uşaqlarını qoyub qaçır, O qaçır; çünki onun arvadı və uşaqları acdırlar. O bizə gəlir ki, çörək qazansın və bu çörəklə arvad və uşaqlarını saxlasın. O, ayaqyalın, piyada min verst yol gəlirkən, elə bilir ki, bizdə elə knyazlar, şahzadələr, xanlar və insafsız qolçomaqlar yoxdur. O elə bilir ki, bizdə mülkədar ambarları yoxdur, bizdə mülkədar və rəiyyət (krepostnoy) yoxdur. O elə bilir ki, bizdə onu sevəcəklər, bizdə ona zülm edib incitməyəcəklər, onun zəhməti qiymətləndiriləcəkdir. Bizim qanun və qaydamızda o, iş sahibinin zülmündən özünü qoruya biləcəkdir, bizim “işə tez baxan məhkəməmizdə”, bizim hökumətimizdə o, müdafiə və himayə tapacaqdır. O elə bilir ki, bir tikə çörək qazanandan sonra sağ-səlamət öz vətəninə qayıdacaq və bu bir tikə çörəyi öz ac ailəsinə aparacaqdır. İran fəhləsi bu xoş ümidlə bizə gəlir!!! “Kavkazski raboçi listok” qəzetindən tərcümə, 24 noyabr 1905, № 3 * * * Xeyir-dua İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular. Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz. Gedirsiniz, yaxşı yol! Ancaq ey İranın yazıq övladları, gedərkən siz bunu yadınızda saxlamalısınız. Əvvələn, siz buradan sakit gedin və öz qəlbinizdə heç bir kin və ədavət hissi aparmayın. Siz unutmamalısınız ki, bizdə heç kəs sizi qonaq hesab edərək, sizə qarşı kin hiss etmirdi və bir tük qədər də sizi incitmək istəmirdi. Əgər sizə yenə də xətər toxundusa, buna bircə səbəb bu oldu ki, siz təsadüfən vəhşi və mənasız küçə qırğınları fırtınasına düşdünüz. Unutmayın ki, sizinlə bərabər o biri millətlərin də adamları təsadüfən zərərdidə oldular və buna baxmayaraq, o millətlər də heç biri düşmən tərəflərə qarşı öz münasibətini dəyişmədi və öz həmməzhəblərinə kömək çıxmadılar. Belə də olmalıdır; siz də belə etməlisiniz. Vətəninizə qayıdandan sonra öz dinayrı qardaşlarınıza rast gələndə, siz onlara, hansı millətə mənsub olsalar da, bir qonaq kimi hörmət və təzim göstərməyə çalışın. Əgər pis adamların təsiri altında sizin ürəyinizə şübhə damsa, o zaman siz elmli, ağıllı və həqiqi etiqadlı şəxslərin məsləhətini soruşun, özləri heç bir şey anlamayan mollaların və fanatiklərin məsləhətini soruşmayın. Ey yazıq İran fəhlələri, bir şeyi də unutmayın: öz vətəninizə qayıdandan sonra siz özünüz kimi cırım-cındırlı, ac və məzlum əməkçi xalqı öz başınıza toplayın və onlara bu xoş xəbəri yetirin. Onlara nağıl edin ki, burada, bütün Rusiyada, bütün əməkçi xalq ayağa qalxmış və böyük bir qüvvə halında toplaşaraq, bu günə kimi altında zarıdığı zülmü öz üzərindən atmışdır. Orada öz yerli fəhlələrinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndərirlər. Əgər orada onlar buradakı öz yoldaşlarının yolu ilə getmək istəsələr, əgər onlar İran zalımları, xanları, ağaları, mollaları, dövlətliləri, şahzadələri və sairələri tərəfindən onların boynuna salınmış boyunduruqdan azad olmaq istəsələr, əgər onlar öz insan hüququnu müdafiə etmək və azadə nəfəs almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun: “Bütün ölkələrin proletarları, birləşin!” Qoy oxusunlar və birləşsinlər! “Kavkazski raboçi listok” qəzetindən tərcümə, 9 dekabr 1905, № 13 * * * Əsarətdə Böyük Şərq şəhərinin limanında yüzlərcə əcnəbi gəmisinə tələm-tələsik yük doldurub, yük boşaldırdılar... Minlərcə çinli, koreyalı yapon və rus fəhləsi üzlərində gərginlik, gözləri qan-yaşla dolu halda əcnəbi mallarla yüklənmiş ağır tayları və yeşikləri çəkib gətirir, onları təngnəfəs eləyən yükün ağırlığı altında tövşüyə-tövşüyə nəfəs alırdılar... Parlaq, mehriban günəş hambalların açıq kürəklərini, sinələrini və əllərini yandırır, elə bil istəyirdi ki, yoxsul əməkçilərin göz yaşlarını və qan-tərini qurutsun. Müxtəlif dillərdə eşidilən qışqırıq, söyüş və danışıq səsləri mavi körfəzi aşıb uzaqlara gedir, nəhayətsiz dəryada qərq olurdu. On minlərcə, gümrah, güclü, elə bil poladdan tökülmüş adamlar yük heyvanları, hüquqsuz qullar kimi hey işləyirdilər, amma nə dövlətlənirdilər, nə də xoşbəxt olurdular. Yatmaq üçün həsrin üstünə, yaxud quruca yerə uzanıb ağır-ağır zarıyır, keyimiş pəhləvan əllərinin və çox gəzib dolaşmaqdan sızlayan ayaqlarının qırışığını açırdılar... Və limanda böyük-böyük işlər görüb bu on və yüz minlərlə pəhləvan gövdəli insanlara baxanda adama qəribə gəlir, adam inanmaq istəmir ki, onlar belə güclü, belə qabiliyyətli ola-ola niyə dilənçiliyə, aclığa və köləliyə yol verirlər!.. Necə imkan verirlər ki, onları döysünlər, dürtmələsinlər, iyrənc çirkin söyüşlərlə söysünlər? Onlar beşikdən ta məzara qədər aclığa, dilənçiliyə özlərindən böyük, tərbiyə görmüş, savadlı, tox və özündən razı qardaşlarının nifrətinə necə dözə bilirlər? Və mən zəncirlərin cingiltisi altında hərəkət edən gəmilərin səsküyü altında, müxtəlif dildə danışan on minlərlə fəhlələrin uğultulu səsi altında kiminsə bütün binəsiblərə müraciət edən, ağrı və məhəbbətlə dolu gur səsini eşidirəm: “Zavallı insanlar, zəhmət və əsarət övladları!.. Zinət içərisində ömür sürən və zəhmətdən azad olan böyük qardaşlarınızdan soruşun ki, onlardakı bu var-dövlət haradandır? Niyə onlar belə şən və özlərindən razıdırlar? Əgər onlar sizə cavab versələr, sizə desələr ki, onların bu var-dövləti və xoşbəxtliyi hardandı, o zaman bilərsiniz ki, sizin yoxsulluğunuz, müsibətiniz, əzablarınız, köləliyiniz və rüsvayçılığınız hardandı. Ancaq o zaman başa düşərsiniz ki, siz bir atanın və zəhmətin övladlarısınız. Müxtəlif dillərdə danışdığınızı unudub doğma qardaş kimi qucaqlaşar və gözlərinizdən müsibət və inciklik yaşları deyil, sevinc yaşları axıdarsınız... Və o zaman sizlərdən milyonları iftixarla deyə bilər: “Bütün bəşəriyyətin var-dövlətini yaradan biz zəhmət övladları ən gözəl həyat haqqına malikik... Biz min illər boyu özgələrinin xoşbəxtliyi, bir ovuc adamın xoşbəxtliyi üçün müsibət çəkmiş və qırılmışıq. İndi isə alçaldılmış və təhqir edilmiş bizlər istəyirik ki, əsirlik əzabımızı unudaq və parçalanmış xəstə ürəklərimizin yaralarını sevinc şəfəqləri ilə sağaldaq!” Amma limandakı zəncirlərin cingiltisi və gəmilərin səs-küyü bu qüdrətli səsi hələ ki, boğur... Qulu * * * İdarəmizin əhvalatından bir neçə söz Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək, məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəs ilə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və ilax... Məcmuənin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır. Müştərilərin yarısından çoxu İran əhlidir. Belə ki, Xorasandan başlamış Tehran, İsfahan, Təbrizə kimi həmin şəhərlərə, hətta kəndlərə on beş mindən ziyadə məcmuəmiz gedir. Bunun on üç min altı yüz doxsanı illik abunə olanlarımızdır. Qalanı tək-tək satılır (gərək qonşularımız “Həyat” və “İrşad”ın da əhvalı bu hesablara yavuq ola). On min nüsxəyə kimi “Molla Nəsrəddin” Qafqaz və Rusiya müsəlmanlarının arasında nəşr olunur (“İrşad” və “Həyat” da bu hesabda olmalıdırlar). Bizə ən çox abunə verən şəhərlərin əvvəlincisi Naxçıvandır: burada iki minədək müştərimiz var, əlavə min beş yüz nüsxədən ki, hər həftə burada satılır. Naxçıvandan sonra Batum, Danabaş, Vladiqafqaz və Gorus. Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri-şimali müsəlman şəhərlərində və kəndlərində dağılır (Söz yox ki, dilimizin bir olmağı çox şərtdir). Bir qədər müştərimiz Bakı, Gəncə, Şamaxı, və qeyri şəhərlərdə varımızdır. İdarəmizə göndərilən məktublar hər bir dildə yazılır: rusca, firəngcə, latınca, yaponca, Kitay, hindi, ərəb, fars, Avstraliya, Patağoniya... Qərəz, dərd-sər olmasın, yetmiş iki millətin dilində yazılmış məktubu idarəmizdə tapmaq olar (Əlbəttə, elmin çox olmağı şərtdir). Söz yox ki, soruşursunuz, pəs bu yetmiş iki millətin dilində yazılan kağızları biz necə oxuyuruq. Yalan deyə bilmərik ki, cümləsini oxuyuruq: Kitay, və Patağoniya dilində yazılan məktubların sahiblərinə həmişə xəbər veririk ki, özləri Tiflisə gəlib yazdıqlarını oxusunlar. Qalanlarını qoyuruq qabağımıza və zərrəbin vasitəsilə başlayırıq nöqtələrini götürüb öz yerlərinə düzməyə, yainki qəzet istəyənə karet, kürək istəyənə kürk və qurbağa istəyənə məcmuə göndəririk. Bizim rəyimizə qalsa, bunların eybi yoxdur. Şərt xəttin gözəlliyidir və halonki idarəmizə gələn məktubların cümləsi gözəl xətt ilə yazılmışdır. İnsaf əhli məcmuəmizin 4-cü nömrəsinin beşinci səhifəsini yadına salıb bu sözləri təsdiq edər. Vəqiən İrandan gələn yazılar xəttin gözəlliyi barəsində misilsizdir. Mən güman edirəm ki, bunlar hamısı əvvəla, hürufatımızın gözəlliyindən və saniyən İranın hamamlarının sularının təsirindəndir. Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasıdır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblü mənə dedi: Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var? Dedim, balam, heç biri də yoxdur. Aşnam abunə kitabını qabağıma itələyib dəxi artıq təəccüb ilə dedi: və bu “ovlar” və “iski”lər məgər müsəlman adlarıdırlar? Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim: Əzizim, heç ürəyini sıxma, bunlar hamısı ötüşər... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 may 1906, № 5 * * * “Qeyrət” mətbəəsi Tiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir. “Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir. Senzuradan rüsxət olub, “Qeyrət” mətbəəsində çox az müddətdə çap edilib çıxacaq əsərlər: Cib təqvimi və cib dəftəri Dəvət Sübhi-sadiq Senzorun rüsxətinə göndərilən əsərlər: Moskva şəhərində birimci gün Moskva şəhərində ikimci gün Rəhbəri – ticarət Senzuradan rüsxət alıb uzağı 5 ay müddətində təb ediləcək böyük kitablar: Zübdətüt – təvarix Kitabi – müsbahül – hərəmeyn Yuxarıdakılardan savayı, təb etmək üçün daha pək çox kitablar hazırdır. Vaxt olduqca inşallah təb ediləcəkdir. Cəlil Məmmədquluzadə “Poçt qutusu” kitabına (1905) ön söz * * * Məmmədqulubəy Kəngərlinin tərcümeyi-halı (Əxirən həyatına fəcianə bir surətdə xatimə çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli) Bu il avqust ayının 29-da Batum şəhərində Məmmədqulubəy Kəngərlinin erməni komiteti tərəfindən göndərilən ermənilər tərəfindən şəhid edildiyini duyub qəlbən ağlamayan qafqazlı bir müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban olan belə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bilməyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin, əlbəttə, ən birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yetirən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu qədrnaşünaslıq ümumi–millətin üstə bihədd naşükürlük töhməti qoyacağından qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənindən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir mücəssəmi – həmiyyənin, fədakari-millətin tərcümeyi-halı yazılmamış qalsın. Buna görə millətin qədrşünaslığı naminə mərhumun tərcümeyi-halından bildiyim qədər yazıram: Mərhum Məmmədqulubəy Kəngərli İrəvan quberniyasında Naxçıvan şəhərində 1864-cü səneyi-miladidə təvəllüd edib. Atası Naxçıvan bəyzadələrindən mayor Şəfi ağadır. Ən birinci, ən əsaslı təhsil demək olan tərbiyeyi-əvvəliyyəni maarifpərvər atasından gördü. İkinci təhsil olan ibtidai oxumağı xüsusi müəllimdən öyrəndi. Ən birinci məktəbi-təbii olan ev tərbiyəsini lazımınca qurtarıb, xaricdə oxuyacaq sinninə çatan vaxt atasının silkinə daxil oldu. Yəni Tiflisdə hərbi məktəbinə – Kadeskki korpusa girdi. Buranı tamam edəndən sonra Peterburqdakı Mixaylovski topçu məktəbi-alisinə keçdi. Burada 1882-də ünter-ofiserlik mənsəbi-əvvəlisini aldı. 1884-də topçu məktəbi – alisini kəmali-ləyaqətlə qurtarıb, ofiserlik mənsəbilə çıxdı. Xeyli illər ofiserlik qulluğunda bulunub dövlət və vətəninə hüsni-xidmətlər göstərdi. İstedad və əhliyyət sayəsində az vaxtda hər kəsin nəzəri-təhsinini qazandı. Dirayət və iqtidarına görə ştabs-kapitanlıq mənsəbinə çıxarıldı. Dövlət və vətəninə daima sadiqanə, qəyuranə xidmətdən bir an geri qalmadı. 1883-cü ilinə qədər əsgəri qulluğunda xidmət elədi. Dövlət, vətəninə elm və seyf ilə göstərdiyi xidmətləri bir az da elm və qələm ilə göstərmək fikrinə düşdü. Ştabs-kapitan mənsəbində olduğu halda istefa verdi. Bir – iki il vətəni-əslisi olan Naxçıvanda qaldıqdan sonra İrəvan şəhərinə gəldi. Canından əziz sevdiyi millətinin ən ziyadə nəyə möhtac olduğunu təhqiq etdi. Bildi ki, İrəvan quberniyasının müsəlmanları dilsizlikdən, elmsizlikdən, dövlətin qanunu, məmurların ixtiyarlarını bilməmələrindən hər an bir müsibətdən digər bir bəlaya düçar olurlar. Bildi ki, ən əvvəl müqtədir bir vəkil (advakat) olub millətə xidmətə buradan başlamaq lazım. Bu səbəblə bütün iqtidarını sərf edib, vəkillik imtahanına hazırlandı. Az vaxtda qanunən vəkillik ixtiyarını aldı. Bir az əvvəl nə cür mükəmməl bir topçu zabiti idisə, imdi də müqtədir bir vəkil oldu. Qılınc və qələmi birləşdirdi. Fəzl və qeyrəti, sidq və nəcabəti sayəsində az vaxtda çox ziyadə kəsbi-şöhrət elədi. Peterburqdakı adlı, təcrübəli advakatlara müraciət edəcək olanlar mərhumun qüdrəti-nitqiyyəsindən, məlumati-ədliyyəsindən istifadə etməyə başladılar. İş və iqtidar söz və qövldə qalmadı. Tez vaxtda fellə meydana çıxdı. Şəhidi-mərhum İrəvanda şöhrətli, diplomalı böyük advakatların qarşısında öhdəsinə götürdüyü böyük-böyük işləri müttəsil qazanırdı. Fəzl və iqtidarına əlavə edilən alicənablığı, millətpərvərliyi, rəhimdilliliyi mərhumun namını hər kəsin ürəyində yer etdirdi. Bir çox advakatlar kimi pula, dövlətə əsla tamah etməzdi. Özü təbən, cinsən nəcibzadə nəcib idi. Könlü qəni, niyyəti ali, ümidi böyük, fikri vase idi. Qüvveyi-nitqiyyədə, fəzlü ürfanda nə mərtəbə şayani-imtisal idisə, qeyrət və həmiyyədə, səy və ictihadda, millət və həmiyyətpərvərlikdə o dərəcə şayisteyi-təqdir idi. Hər gün evində bir çox fağır, biçiz müsəlmanlar bulunub, ərzi-hallarını pulsuz yazdırırdılar. Bu qədər məşğuliyyətlə bərabər, heç bir camaat işi olmazdı ki, mərhumi-cənnətməkan o işin ən atəşli məhəllində olmasın. Heç bir günü olmazdı ki, milləti üçün xeyirli bir işin tədbirlə məşğul olmasın. Bu səbəblədir ki, şəhidi-aliməqam belə ciddi, əhəmiyyətli bir xidmət ildə məşğul ola-ola övladi-millətin tərbiyə və təhsilini əsla yaddan çıxarmazdı. Millətin səlamət və tərəqqisi üçün ən birinci qapı, ən birinci vasitə zəmanənin təqazasına görə açılacaq məktəb olduğunu çox yaxşı bilirdi. Axırda vəkilliyin ağırlığına baxmayıb, Qafqazda birinci dəfə müsəlman leyli məktəbi (pansion) açdı. Zabitliyi və vəkilliyi ilə bərabər, “pedoqoq” silkinə də girdi. Ömürlərini müəllimlikdə çürüdüb, Qafqazın bu qədər böyük şəhərlərində bir müsəlman pansionu aça bilməyən müəllimlərə ən ibrətbəxş bir nümunə, bir müəllim oldu. Pansionu az vaxtda dərəceyi-tərəqqinin ən üst mərtəbəsinə çıxardı. Günlərinin bütün saatlarını gah vəkillikdə, gah məktəb müfəttişliyində, gah millət müşavirliyində keçirirdi. Axırda keçən mart ayında İrəvan müsəlmanlarına vükalətən Peterburqa getmək iqtiza etdi. Bu əhəmiyyətli və böyük iş həmiyyən və dirayətli bir sahibi–ürfana möhtac idi. Bu xüsusda öylə bir şəxs gərək idi ki, bu nazik və məsuliyyətli işi öhdəsinə götürüb, vəzifəsini layiqilə ifa edəydi. İrəvanlılar bu barədə əsla zəhmət çəkmədilər. Çünki gözlərinin önündə dağ kimi səbatlı, aslan kimi cəsur, Xızr kimi müdrik, kasifi-həqiqət kimi zəhmətkeş Məmmədqulubəy var idi. Ümum cəmaatin ittifaq və intixabı ilə mərhum bir neçə yoldaş ilə Peterburqa getdi. Millətin hər növ dərd və ehtiyacını bizzat sərdari-əkrəm qraf Voronsov cənablarına və daxiliyyə nazirinə ərz etdi. Biçarə millətinin hüququnu mühafizəyə, idareyi-hökumətdə ixtiyar sahibi olmağına şifahən-təhrirən çalışdı. Mərhumun ən ziyadə çalışdığı cəhət müsəlmanların hüququnu erməni və özgə vətəndaşlar ilə bir etmək idi. Mərhumun bu ali xahişi Qafqaziyada təkcə riyasət və böyüklük istəyən erməni böyüklərinin xoşuna gəlmədi. Ölüm kağızları yazdılar. Öldürmək fikrinə düşdülər. Mərhum Məmmədqulubəyi Peterburqdan gələndən bəri gözləyirdilər ki, hər nə cür olsa öldürsünlər. Mərhum işin bu cəhətini çox yaxşı qanmışdı. Lakin bir neçə müfsid erməninin divarın dalında alçaqlar kimi gizlənib öldürəcəklərindən qorxmazdı. Buralarını bilə-bilə yenə istədi ki, vəkilliyinə, məktəbinin tərəqqisinə davam etsin. Lakin bir kimsədən bir müavinət görmədi. Axırda çarəsiz qaldı. Məktəbini dağıdıb, vəkilliyini buraxıb Parijə getməyə, oradan millətinə özgə yolda xidmət etməyə məcbur oldu. O aşiqi-millət, o mühibbi-xidmət istəyirdi ki, öz bacısı oğlunu və özgələri Parijə təhsilə aparıb, bu barədə qafqazlılara bir qapı açsın. İstəyirdi ki, Qafqazdan tələbə getməyə vasitə olub bir dairə içində sıxışıb qalan müsəlmanlara o mənbəyi-fənn və hünəri tanıtdırsın. İştə məhz bu fikrə xidmətlə keçən avqustun 25-də İrəvanı tərk edib Tiflisə getdi. Orada bir neçə gün qalandan sonra bacısı oğlu Heydər ilə Batuma getdi ki, gəmiyə minib Parijə yollansın. Batumda gəmi biletini alıb bir saat sonra yola düşməyə müntəzir oldu. Bu arada dostlarına açıq məktub yazmaq istədi. Bir dükandan bir neçə açıq məktub alıb, bəzi dostlarına bu surətlə yazdı: “Batumdayız, bilet aldıx. Bir saat sonra firəng gəmisinə minəcəyik. Vətənim, millətim heç vaxt yadımdan çıxmayacaqdır. Xidmət yer ilən deyil, insanın özü ilədir...” Bu axırıncı məktublarını cibinə qoyub poçt qutusuna buraxmağa və oradan yemək yeməyə gedəcək idi ki, erməni komiteti tərəfindən göndərilən üç məlun erməni gizləndikləri divarın küncündən qəflətən çıxıb, o fədakari-milləti xəncərlər ilə parça-parça doğrayıb qaçdılar. İştə yüzlərcə illərdə İrəvan quberniyasının təkcə meydana çıxardığı, bütün qafqazlıların fəxr edəcəkləri bu həmiyyəti-mücəssəm, bu nuri-çeşmi-millət hənuz 41 yaşında ikən bir neçə xaini – dinin ədu əkbərin xəncərləri altında şəhid edildi. Məmmədqulubəy xalis doğru bir müsəlman idi. Mükəmməl bir insan idi. Şəhidi-cənnətməkanın doğranan mübarək vücudu iki günə qədər Batumda qaldıqdan sonra, sentyabrın birində Batum müsəlman konsullarının, bəyzadələrinin, ümum müsəlman camaatının təkidi ilə Tiflisə göndərildi. Tiflis camaatı mərhumun cənazəsini çox artıq ehtiramla Tiflis vağzalında istiqbal etdilər. Oradan böyük bir cəmiyyətlə məscidə aparıb, sentyabrın 2-də müsəlman qəbiristanlığında öz bacısının yanında xaki-qüfranə-qərargahi-əbədisinə təslim etdilər. Cənabi – həqq mərhumə rəhmət, qardaşı – bacısı yerində olan ümum müsəlmanlara mətanəti-qəlbi – lazımə mərhəmət ehsan etsin. Bir kiçik xütbə Əzizim, dostum, Məmmədqulubəy! Ruhun müəzzəb olmasın, vücudun-zahirin nəzərdən qalıqdısa, nami-müqəddəsin əbədi qalacaqdır. Heç məyus olma! Millət yolunda ölmək ilə cənnəti – əlayə girmək qapısını ən əvvəl sən açdın. Bu zamanda şühədayi-millətin, fədakarani-ümmətin sərəfrazı sən oldun. O möhtərəm riyasəti sən iktisab etdin. Nədən mükəddər olursan? Yolunda fəda olduğun camaat o qədər bihəmiyyət, binamus, bidin deyillər ki, səni əbədüddəhr yaddan çıxarsınlar. Xeyr, xeyr, sən camaatımızı o mərtəbə biqeyrət, bihəya hesab etməzsən. Sən arxayın yat ki, sənin səbəbi-şəhadətini adı müslim və mömin olan heç vaxt yaddan çıxarmayacaqdır. Ey nuri-çeşmi-millət, sən məhzun olma ki, sənin ali niyyətlərin, müqəddəs xahişlərin, həyatbəxş ümidlərin əmələ gəlməyib qalacaqdır. Pəs zənn etmə ki, ermənilər səni şəhid etməklə niyyətlərinə, xahişlərinə mane oldular. Əsla, rahat yat ki, sənin hər damcı qanın yerinə sənin camaatın, sənin millətin yüz-yüz xahişini əmələ gətirəcəkdir. Yat, əziz canımız! Rahat yat ki, sənin ruhunun müəzzəb olmağına əsla razı olmayacayız. Sənin bihudə tökülmüş pak məsum qanlarından bu məmləkətdə, bu vətəni-ümumidə ixvət və məhəbbət, sülh tərəqqi və təkamül gülləri bitəcəkdir! Arxayın ol, arxayın ol ki, sən həqiqətdə ölmədin. Sən dünyadakı sağlığından daha artıq sağsan, dirisən. Bundan sonra hər saat gözümüzün önündə, qəlbimizin içindəsən. Bu barədə bizdən əmin ol! Get, get qərargahın olan ərvahi-şühədaya qavuş! Onlara de ki, “millətimin təqsirini bağışlayın. Çoxdan sizi yalnız qoymuşdular. Neçə illərdir sizə yoldaş heç kəs göndərmədilər. İndi millətim oyanıbdır, mərhəmətə gəlibdir, öz haqlarını, insan olduqlarını qanmağa başlayıbdır. Məni sizin yanınıza göndərdilər ki, millətimin bu fərəhbəxş xəbərini sizə mücdə edəm”. Ruhum Məmmədqulubəy! Xatircəm ol ki, sənin xahişlərinin hamısını yerinə gətirəcəyiz. Aşağılarda qalma, qalx yuxarılara, qalx! Yüksəl ki, yerin bu yer deyildir, Dünyaya gəliş hünər deyildir. Yüksəl ki, bunun da fövqü vardır, İnsanlığın özgə zövqü vardır. Şua “Həyat” qəzeti, 22 sentyabr 1905, № 11, s. 2-3 * * * Oxucularımıza Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək. Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına. Əgər bundan sonra “Təzə həyat” məsləkinə təğyir verməyib genə başlaya “ay Soltan, qadan alım, ay hacı, başına dolanım” – biz qəzet dairəsindən kənara çıxmamaq şərtilə, genə hərdənbir “Təzə həyat”dan danışmağa vədə veririk. Bir şey yadımıza düşdü: “Təzə həyat”deyir ki, biz dövlətliləri o qəsd ilə pisləyirik ki, bizə pul versinlər. Amma biz də deyirik ki, “Təzə həyat” dövlətlilərə o qəsd ilə təməllüq edir ki, ona pul versinlər. Kimin sözü haqdır? “Molla Nəsrəddin”in əlli altı nüsxəsini diqqətlə oxuyanlar bilirlər ki, biz bir söz ilə də işarə eləməmişik ki, bizim pula ehtiyaclığımız var, ondan ötrü ki “Hər ki bər xod dəri-süal güşad- Ta bemirəd niyazmənd bəvəd”. “Az begüzar və padşahi kon- Gərdəni-bitəmə bülənd bəvəd” İdarədən “Molla Nəsrəddin”, 28 aprel 1907, № 17 * * * Türkiyə məşrutəsinin keçmişindən Türkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir. Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır. Sultan Səlim ağıllı türk nazirlərinin onunla həmrəy olduqlarından istifadə edərək, hərbi idarə üsulunda əsaslı islahatlar aparmağa və elm təhsilini layiqli bir şəkildə qurmağa başladı. Beləliklə, bir neçə ilin ərzində Türkiyədə elə nümunəvi kazarmalar, ali hərbi və mülki məktəblər və sair yeniliklər meydana çıxdı ki, ozamankı qonşu dövlətlər onlarla fəxr edə bilərdilər. Sultan Səlimin on doqquz illik hökmranlıq dövrü yeni türk tarixinin ən görkəmli səhifələrindən biridir. Sultanın əsaslı islahatları köhnə üsuli-idarənin tərəfdarlarında narazılıq oyatmaya bilməzdi. Ölkədə çəkişmələr, siyasi firqələrin mübarizəsi başlandı. Sultanın özünün elan etdiyi söz və yığıncaq azadlığı bütün bunlar üçün əlverişli bir zəmin idi. Qətiyyən təəccüblü deyil ki, o zaman hələ sultanın liberal ideyalarını dərk etmək dərəcəsinə çatmamış: yarımvəhşi osmanlılar onun təşəbbüslərinə qarşı, quvvətli irticaya başlamışdılar. Nəhayət, qəzəblənmiş qara camaat Sultan Səlimin bədxahlarının və ruhanilərin fırıldaqlarına aldanaraq sultanı taxtdan salır, onun yerinə hakimiyyətə fərsiz Sultan Mustafanı gətirir (1805-ci il). Sultan Səlimin yetirməsi olan Sultan Mahmudun taxt-tacı ələ almasından sonra ədəbiyyat və maarifin intibahına doğru dönüş hiss olunur; bu dönüş sonrakı sultanın–Sultan Məcidin də vaxtında davam edir. Sultan Səlimin səpdiyi toxumlar bu iki sultanın hökmranlığı dövründə xeyli münbit zəmin tapmışdı. Türk imperiyasında sakin olan xalqlar Sultan Səlimin hökmranlıq sürdüyü keçmiş xoş zamanları yada salaraq müstəbid sultan üsuli-idarəsinin qanunla məhdud edilməyən hədsiz zülmünü hiss etməyə bilmirdilər. Əgər xalqın şüurunun oyanmasına bir tərəfdən maarif və ədəbiyyatın inkişafı kömək edirdisə, o biri tərəfdən hakimiyyətə həyasız Sultan Əziz keçəndən sonra sultan sarayında törənən dəhşətlər bu şüura qüvvətli təkan verirdi. Şərq müstəbidlərinin mənfi sifətlərinin təcəssümü olan Sultan Əziz qısa bir müddət ərzində dövlət xəzinəsinin bütün ehtiyatlarını öz eyş-işrəti üçün sərf etdi. Türkiyə Avropa dövlətlərinə Sultan Əzizin zamanından borclu düşmüşdür; bu, onun israfçılığının nəticəsidir. Lakin Türkiyə artıq əvvəlki Türkiyə deyildi: o, hakimi-mütləq olan sultanın təhlükəli fırıldaqlarına kor-koranə və itaətkarlıqla dözə bilmirdi. Xalqın səbir kasası ağzınadək dolmuşdu, bir balaca yerindən oynatmağa bənd idi. Bütün iş ancaq qəhrəmanlardan, mübariz insanlardan asılı idi. Onlar lap vaxtında, özü də əsl qəhrəman fədakarlığı ilə meydana çıxdılar. Bu müqəddəs mübarizə üçün təqdiri-xuda rəisi-cümhurun naziri (sədri-əzəm) ölməz Midhət paşaya nəsib oldu. Onu bu şərəfli işə ruhlandıran isə dahi türk şairi və sosialisti Kamil bəy idi. Midhət paşa elə görkəmli dövlət xadimlərindəndir ki, onlara mövcud quruluşun bütün naz-nemətləri müyəssər olduğu halda, yüksək mənəvi ideallardan ruhlanaraq onlar bütün güc və qüvvələrini həmin quruluşu məhv etmək uğrunda qanlı mübarizəyə həsr edirlər. Qədrşünas nəsillər belə adamların adını bəşər tarixinin şanlı səhifələrinə yazırlar. Midhət paşa belə tarixi şəxsiyyətlərdəndir. O, mükəmməl Avropa təhsili alıb, bütün həyatını öz vətəninin dövlət məsələlərinə həsr etmiş və eyni zamanda yüksək inzibati vəzifələrdə olmuşdur. Onun dövlət işindəki fəaliyyəti heyrətamiz dərəcədə səmərəli keçmişdir. Məsələn, o, Bağdad mahalının general-qubernatoru vəzifəsində işlədiyi az bir müddət ərzində ölkənin mədəni və iqtisadi qüvvələrini lazımi yüksəkliyə qaldıra bilmişdir. O, bir inzibatçı kimi böyük nüfuz sahibi idi. Müstəsna natiqlik qabiliyyətinə malik olan Midhət paşada xüsusi bir təsir qüvvəsi vardı; o, coşğun başları sakitləşdirməyi bacardığı kimi, lazım gələndə bu başları oyadıb həyəcana gətirməyi də bacarırdı. Məsələn, Bolqarıstanı qan tökülmədən ram etməsi onun ən böyük şücaətlərindən biridir. Bütün həyatını xalq mənafeyinə xidmətə həsr edən və xalqın ehtiyac və tələblərinə yaxından bələd olan Midhət paşa, aydındır ki, çoxmilyonlu xalq kütlələrini əsarətdə saxlamış müstəbid sultan üsuli-idarəsinə laqeyd bir tamaşaçı kimi baxa bilməzdi. Və o, Avropa xalqları dövlət quruluşunun tarixini nəzərə aldıqda onda belə bir əqidə yarandı ki, onun həmvətənlərinin xoşbəxtliyi yalnız sultanın ali hakimiyyətinin istibdadını aradan qaldırmaq yolu ilə mümkün olar. Midhət paşa təkçə xalqın rəğbətinə deyil, habelə dövlətin bütün silahlı qüvvələrinə bel bağlayırdı. Bu dahi dövlət xadimi öz niyyətində səhv etmirdi. Lakin bu yolda onun qabağına çıxa biləcək yeganə qorxunc qüvvə ali ruhanilik idi. Ruhaniliyin fitvası olmadan Midhət paşanın hər bir addımı, müqəddəs şəriətə görə, qəsbkarlıq hesab edilə bilərdi. Midhət paşa hərbi nazir Hüseyn Övni paşanın, bəhriyyə naziri Əhməd paşanın və baş qərargah rəisi, nüfuzlu general Süleyman paşanın razılığı ilə şeyxül-islam Xeyrəddin əfəndinin yanına gedir, qəti rədd cavabı aldıqda onu ölümlə hədələyib, fərmani-hümayunu imzalamağa məcbur edir. Fərmanda deyilirdi ki, “xalqın iradəsi və Allahın musaidəsi ilə sultanlıq taxtı ləyaqətsiz Sultan Əzizdən alınır, vətəndaşların sevimlisi Murad paşaya verilir və vətəndaşlara məşrutə quruluşu əta edilir”. Gecəyarısı Midhət paşa saraya gəlir. Hüseyn Övni paşa qoşunlarını saraya tərəf yeridib sarayı muhasirəyə alır. Əhməd paşa hərb gəmilərini Bosfora çəkir. Süleyman paşa sultanın bütün məiyyətini bir yerə yığır. Saraya birinci olaraq Midhət paşa daxil olur və şahzadə Murad paşanın qabağında dayanıb fitvanı ona oxuyur. Midhət paşanın işarəsi ilə yaylım salam atəşi açıldığı zaman Sultan Əziz cəld yatağından sıçrayıb pəncərədən bayıra baxır və şöhrətli ordusunun sıraya düzülmüş olduğunu görcək artıq işinin bitdiyini başa düşür. Türk tarixinin cahanşümul hadisəsi 1876-cı ildə bu cür vaqe oldu. Sultan Murad devrilmiş Sultan Əzizin dayısı idi. Təbiətən son dərəcə mərhəmətli olan Sultan Murad Sultan Əzizin bədbəxt taleyinə çox acıyırdı. O, Sultan Əzizin şəxsi rifahı qayğısına qalaraq əmr etdi ki, onun tamamilə rahat yaşaması üçün hər çür şərait yaradılsın. Bu məqsədlə Sultan Əzizi pulsuz-parasız yaşamaq üçün Top-qapı-saraya köçürmüşdülər və oğluna qulluq eləmək üçün təyin edilən doğma anası da orada yaşayırdı. Qəti əmr verilmişdi ki, Sultan Əzizin əl ata biləcəyi hər cür intihar üsulunun qarşısı qabaqcadan alınsın. Buna baxmayaraq, onun heysiyyətinin dərindən təhqir olunması, əzəmət və vüqarının amansızcasına tapdalanması hər halda fəlakətə səbəb oldu. Sultan Əziz anasından onun qayçısını aldı və fürsət tapıb sol əlinin baş qan damarını kəsdi. Çoxlu qan itirməsi Sultan Əzizə kömək etdi ki, ona əzab verən mənəvi iztirabları həmişəlik yaddan çıxarsın. Sultan Əzizin intihar etdiyi gözlənilmədən Sultan Murada xəbər verildiyi zaman o daha facianə bir hala düşdü. Mənəvi və cismani cəhətdən incə təbiət sahibi olan Sultan Murad ona üz verən itkiyə tab gətirə bilmədi. Bu xəbər onu elə sarsıtdı ki, onda ruhi xəstəlik əlamətləri görsənməyə başladı. Sağalmaz xəstə olan Sultan Muradı bir az sonra indi hökmranlıq sürən Sultan Əbdülhəmid əvəz etdi... Bu zaman dövlətdə təzəcə bəxş olunmuş məşrutə hürriyyətini həyata keçirmək üçün fəal iş gedirdi. Xalq nümayəndələri çağrıldı və İstanbulda onların birinci sessiyası təyin olundu. Bu sessiyanın nə üçün baş tutmadığını müxtəlif şəkillərdə izah edirlər. Nə isə, o zaman Sultan Həmidlə erməni nümayəndələrindən biri arasında baş vermiş bir narazılığı da qeyd edirlər. Lakin ümumiyyətlə Sultan Həmidin təxti-səltənətə keçməsindən sonra Türkiyənin daxili siyasətində əsaslı bir dönüş əmələ gəlir, bu dönüş elan olunmuş məşrutə haqqındakı bütün danışıqların yaddan çıxıb getməsinə səbəb olur. Təxti-səltənətdə yerini bərkidəndən sonra Sultan Həmid öz amiranə təbiətinə zidd olan hər bir şeyi darmadağın etmək üçun gecə-gündüz baş sındırdı. O özünü bütün müsəlmanların xəlifəsi, Allahın yer üzündə kölgəsi, qüdrətli bir hökmdar kimi aparırdı. Heç çür ağlına sığmırdı ki, onun kimi böyük bir adamın vaxtında nümayəndələr dövlətin idarəsi işinə qarışa bilərlər. Aydındır ki, Midhət paşa və onun həmfikirləri Sultan Həmidin öz təbəələrini əsarətdə saxlamasına çox ciddi surətdə mane olan adamlar idilər. Bu maneələri aradan qaldırmaq sultanın müqəddəs bir arzusuna çevrilir olur və onun qeyri-adi ağlı bunun üçün bir sıra tədbirlər tökməyə başlayır. Sultan Həmid özünə sadiq olan paşaları ətrafına yığıb tədricən hərbi hissələrə rəhbərliyi onlara tapşırır və sultanın tabeliyinə keçən bütün hərbi qüvvələr qısa müddət ərzində ona sədaqətlə xidmət edəcəkləri barədə and içirlər. Osmanlılara gəldikdə, onlar mədəni cəhətdən aşağı səviyyədə olduqlarına görə laqeyd vəziyyət alıb adil allahın iradəsinə boyun əydilər. İndi artıq öz qəddar düşmənləri ilə Haqq-hesab çəkmək Sultan Həmid üçün çətin deyildi. Çox keçmədən biz Midhət paşanı Taifə sürgün olunan görürük və o orada bir cəllad tərəfindən vəhşicəsinə öldürülür. Bağdadda olan Süleyman paşanın və bütün ömrü boyu xalqın azadlığı yolunda yorulmadan çalışan böyük adamların hamısının aqibəti bu cür kədərli olur. Sultan Həmidin bütün həyatı öz hədsiz ağalığını möhkəmləndirmək qəsdilə törətdiyi saysız-hesabsız kədərli hadisələrlə doludur. Bu hadisələrdən biri də Sultan Muradın ömürlük həbs cəzasına məhkum edilməsidir. Sultan Murad inişil vəfat etmişdir. Türkiyənin bir sıra yaxşı oğulları sultan zülmünün qurbanı olmuşlar. Və onlarla birlikdə ictimai xadimlərin və dahi paşaların böyük bir dəstəsi məhv olmuşdur. Bunların təqsiri yalnız xalq azadlığı yolunda mübarizə aparmaları idi. Sultan Həmid türk hakimiyyəti qalasını bu cür ucaltmışdır; o hakimiyyətin ki, neçə illərdən bəri Türkiyə imperiyasının çoxmilyonlu əhalisi onun zülmü altında inləməkdədir. C. Məmmədquluzadə “Zaqafqazye” qəzeti, 13 iyul 1907, № 137 * * * Hicab məsələsi və cavabımız Dünyada hər cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda, möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, “ixtilafü ümməti rəhmətün” buyurulubdur. Amma, heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli ilə şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydasilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah, yalan: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqiyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adət”in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı allatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim? Həqq – taala cümləni biz mollaların fəndi felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin. Mən Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyini xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı cəmi bədəni “övrət” dir, arvadın övrəti, yəni üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə şək yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əl açmaq da haramdır. Bir qismi deyir ki, üz və əl açmaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bir qismi də deyir ki, fitnə və fəsad olmayan təqdirdə üz və əl açmaq caizdir. Bizim sözümüz də elə bundadır ki, bu məsələ şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır. Biz üz açmağı haram bilən rəy və qövllərin çoxunu bilirik. Bizə “Təzə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırlar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də. Sözün canı bundadır ki, aya üz və əlləri örtmək “icmai” və “zəruridin”dir ya “ixtilaflı?”. Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalatınızla təkfirə cürət eləməyin. Yox, “üz və əlləri” açmaqda zərrə qədər ixtilaf yoxsa, isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik. Biz “üz və əlləri” göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq: Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”də, Şeyx Yusif Böhrani “Hədayiq”də və Şeyx Küleyni və sairləri qədim üləmadan və bir cəmaəti-mütəəxxirindən deyirlər ki: “Şəriəti-Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduniribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”. Seyid Sahibi – Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzaçıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki: “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”. * * * Vəla yübdinə zinətəhünnə illa ma zəhərə minha. Övrət ya əncəbiyədir ya mərhəm, əcnəbiyə olduqda ya azadədir ya kəniz. Əgər əcnəbiyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alğı və satqı vaxtında və əllərini çıxartmağa aldığı şeyi almağa və satdığı şeyi ya pulu verməyə. Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-fəxr Razi, səhifə 375). * * * Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə övrət yeri: göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə və əllərinə, necə ki, kişinin halətidir övrət ilə (kişi övrətin heç yerinə baxa bilməz qalsın məgər üzünə və əllərinə). Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda, namazı səhih deyildir. Amma kişinin namazı səhihdir. Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcü və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səhifə 377). * * * Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi qail olubdur xilqəti zinətə. Əqrəb budur ki, xilqəti zinət daxildir “zinətəhünnə”yə. Zinəti-arizi və sonra əmələ gəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə. Zinəti xilqətə həml edənlər deyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir üzü və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsiri-kəbir”, səhifə 378). * * * “İlla ma zəhərə minha”-isə məşğul olan vaxtda adət görsənə üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onlar örtməkdə aşkara çətinlik var. Bəzi deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-İbn-Səud”, səhifə 259). * * * Təfsiri-Qazi həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səhifə 138). * * * Zinət bir rəvayətdə zinəti-zahirədir: sürmə və üzük, xalxal, bilərzik. Bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səhifə 342). * * * “İlla ma zəhərə minha” ibarətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səhifə 156). * * * Vəla yəzrübnə bixümrəhünnə əla cüyubəhünnə. Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və kərdənbəndləri görsənərdi. Ona görə əmr olundu ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səhifə 379). Haman ibarətlə və qərar ilə yazılıbdır Təfsiri-İbn Səudda, səhifə 359. * * * Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (Cəlalin, səhifə 156). “Vəla yəzrübnə bixümirihinnə əla cüyubihinnə” yəni boyunların örtsünlər (Təfsiri-Safi). * * * Hicab ayəsi (53-cü ayə): Ya eyyühəlləzinə aməni la tədxilu büyutinnəbi illa ən yözənə ləküm ila təam qeyrə nazirinə innəhü və lakin iza ədeytüm tədxülu fəiza tömətüm fəntəsiru vəla məstanisinə lihədisin innə zaliküm kanə yözin-nəbi fəyəstəhyi minküm vəllahu la yəstəhyu minəlhəqq və iza səəltəmuhunnə mataən təsəluhünnə min vərai hicabə zalikum əthərü liqülubəkom və qülubəhünnə. Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayan peyğəmbərlərin evlərinə, məgərinki sizə izn verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam izn özgə evinə daxil olmaq barəsindədir. * * * Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda, yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi). * * * Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə, tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsl dəlil bu xüsusda ayeyi-şərifədir: “La yübdinə zinətəhünnə illa mazəhərə minha”. Ümumi səhabə buna qaildir ki, zahir zinətdən murad: sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bu rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər. Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir “İxtiyar”. * * * Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah-taala həzrətlərinin “vəla yübdinə zinətəhünnə illa mazəhərə minha” fərmanına görə, İbn Abbas buyurubdur ki, zinəteyndən murad sürmə və üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir. (Kitabi-“İxtiyar”). “Və cəmi bədənülhürrə övrətin illa vəchüha və kəfiha və qədəmiha və ləza təmtənü min kəsifə vəchuha beynərrical lilfitnətü vəla yəcüzin-nəzəri ileyha beşəhvətin kevəchüləmrədü və əmma yədunəha fihəl”. Mənası: üz, əl və ayaqlardan savayı arvadın bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnudur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi, arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır (Müntəqi-Fitva kitabı). * * * Əllameyi mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bunda ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-məqbuldur icma vasitəsilə. Amma iki əllər, üz kimidir bizim üləmanın yanında və buna qail olubdur Şafei, Övzai və Əbu Sur. Bu dəlil ilə ki, “vəla yübdinə zinətəhünnə illa mazəhərə minha”nı İbn Abbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə. Fazili-hindi “Kəşfül-lüsam” kitabında ki, əllameyi-mərhumun “Qəvaid” kitabının şərhidir, beşinci fərdə buyurur: Vacibdir övrətə bədənini namaz vaxtında örtmək, məgər üzünü və əllərini, necə ki, bu məsələ yazılıbdır. “Məbsut”, “Mötəbər”, “İsbah” və “Came” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz, çarqat da üzü örtməz. O hədis mövcib ilə ki, Fatimə əleyna səlamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükünü və qulaqlarını örtmək qədərindən artıq deyil idi. “Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir “Təzkirə” (Əllamənindir). “Müxtəlif” və “Mötəbər” kitablarında və “Müntəha” da sərahətə zikr olunubdur üləmaların icmal iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlləri açmağa. Və ibn Abbas təfsir edibdir “illa məzəhərə minha”nı üzə və əllərə və əlavə haramdır üzü örtmək niqab ilə ehram vaxtında “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək. “Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvalı nağıl etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişi övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nağıl olunacaqdır). Genə çox istidlaldan sonra buyurur: “vəla yübdinə zinə təhünnə illa mazəhərə minha” – belə təfsir olubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətüllah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə. * * * Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq, hətta bu xüsusda Qurani-kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb, sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qudtların sözünə allanırsınız. Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var. Görürsüz nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilir. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur. Həmd olsun, özünüz görürsünüz kimlərdir şəriətini bilməyib korkoranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib, camaatı alladıb ələ salanlar! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 25 iyun 1907, № 23 * * * Təşəkkür Məcmuəmiz bağlanan vaxt Nuxa, Bakı və Gəncə şəhərinin maarifpərvər cənabları Tiflis general-qubernatoruna teleqraf göndərib xahiş etmişdilər ki, məcmuənin açılmasına izn versin. Dostlarımızın dualarının bərəkətindən məcmuəmiz açıldı. Və indi də məcmuəmizin açılmağı barəsində Nuxa, Gəncə, Bakı, İrəvan, Culfa, Şamaxı, Şuşa və hətta Şimali Qafqazdan təbrik teleqramları gəlməkdədir. Təbrik göndərənlərə birbəbir xüsusi surətdə məktub və teleqram ilə rizaməndlik göndərmək bizə mümkün olmadı. O səbəbə ki, dostların çoxusu öz adreslərini müəyyən yazmayıblar ki, onlar ilə müxabirə etmək mümkün ola. Belə olan surətdə bizim təklifimiz budur ki, “Molla Nəsrəddin”ə məhəbbət göstərənlərə məcmuəmizin vasitəsilə izhari-təşəkkür edək. “Molla Nəsrəddin”, 1 iyul 1907, № 24 * * * Cümə günləri Biz müsəlman tayfası bir söz danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. Elə məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını: elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda? Görək bu sözləri kim oxuyacaq və kimə lazımdı və nəyə lazımdı ki, oxusunlar və niyə də oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar və nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar? Deyəsən, bir az uzun oldu. Biz müsəlman tayfası bir söz danışanda heç istəmirik o sözün dal-qabağını fikirləşək. Məsələn, biz deyirik cümə günlərini tətil eləyək və dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq. Niyə, nə səbəbə? Yəni hər bir şeyin bir səbəbi var ya yox? İrəvanda da deyirlər vitsekonsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır, yəni o da gününə baxır. Məsələn, elə gün olur ki, saat xoş olur-on beş alır, saat xoş olmayanda on manata da razı olur. Hələ bunnan da işim yoxdu, özü bilər. Ancaq genə bunu demək istəyirəm ki, axır niyə müsəlmanlar cümə günləri alış-veriş eləməsinlər? Niyə, nə səbəbə, nə cəhətə və nədən ötrü və nə cəhətin səbəbindən ötrü və nə səbəbin cəhətindən ötrü? Axır nə olub, nə haraydaddır? Bunları mənə heç qandıran yoxdu. Biz baxırıq özgə millətlərə, məsələn, üzdəniraq yəhudilərə, ayıb olmasın firənglərə, bilatəşbeh ermənilərə, ruslara, biz deyirik ki, niyə onlar eləsin, biz eləməyək? Maşallah söz danışana. Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu cür sözləri danışanın ağzından, ağzını yumsun qoysun getsin işinə. Əvvəla budur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir hələ bunu istəyirəm bilim ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Bir burasını mənə deyən yoxdur ki, nə səbəbə biz özümüzü bu millətlərə oxşadaq? Və nə səbəbə bu millətlərin heç birisi özünü bizə oxşatmır? Oxşatmaz və nə qədər ki, dünya var oxşatmayacaq. Di buyurunuz görüm? Axır bizim Nuxa qışlağında çaharşənbə ocaqlarımız var, bəs bu millətlərin nəyi var? Bununla belə, genə özümüzü istəyrik o millətlərə oxşadaq. İstəyirik o millətlərdən dərs alaq. Amma onların heç birisi özünü bizə oxşatmaq istəmir. Nədir bunun səbəbi? Axır nə səbəbə müsəlmanlar cümə günləri dükanlarını bağlasınlar? Bəli, biz deyirik ki, niyə pəs əcnəbilər bazar günləri bağlayırlar? Axı, ay qardaş, əcnəbilər həyə bağlayırlarsa da, gedirlər kimi kəlisaya ibadətə, kimi gedir evinə rahat olur və oğul-uşağı ilə vaxtını keçirib həmi özü dincəlir, həmi əhli-əyalını xoşhal eləyir. Çox əcəb, belə olan surətdə dəxi müsəlmanlar nə səbəbə cümə günləri dükanlarını bağlasınlar və bağlasınlar hara getsinlər və nəyə məşğul olsunlar? Di buyurun görək nəyə məşğul olsunlar? Söz yox ki, əgər mümkün olsaydı hər cümə günləri məsciddə çay vermək, yainki heç olmasa qəndab vermək, ya qəhvə vermək, yainki heç olmasa Allahın quru papirosuna nə gəlib, belə bu zəhrimar da yoxdu, yoxdu da, yoxa ta nə deyəsən? Necə ki, deyiblər, bir dənə köhnə həsir, bir də Məhəmmədnəsir, vəssəlam. Dəxi kim dəli olub məscidə getsin? Buradan istəyirəm bir haşiyə çıxam: alimi-fərzanə məşhur Abdulla Cövdət “Surayi-Osmani” qəzetində bir neçə söz deyir. Amma burada nağıl eləsəm, qorxuram mətləb uzana. “Surayi-Osmani”ni oxuyanlar bilirlər ki, nə yazılıb, oxumayanlara da mən neyləyim: canları çıxaydı oxuyaydılar. * * * Yəni bizim yazıq dükançılar cümə günləri tutaq dükanlarını bağladılar. Pəs nəyə məşğul olsunlar? Tutaq bir saatlığa bağladılar, yaxşı bütün günü səhərdən axşama kimi nə qayıracaqlar? Hələ deyək getdilər evlərinə. Pəs evlərində nəyə məşğul olsunlar? Bir tərəfdən balaca uşaqların səsi-küyü adamın zəhləsini aparır, bizlərdə də ki, ər ilə övrət danışmaz: bəlkə demirəm bozbaşın duzu az ola, çörək üstə bir az mərəkə düşə, yoxsa bundan savayı evdə kişi üçün nə məşğələ ola bilər? Qərəz, mən deyirəm ki, adam sözü danışanda lazımdır ki, dalını da, qabağını da fikirləşsin. Yaxşı, bir saatlığa tutaq ki, dükançılarımız cümə günü dükanlarını bağladılar. Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa cavan dükan şagirdləri və dükançıların balaca uşaqları nəyə məşğul olacaqlar? Yaxşı nəyə məşğul olacaqlar? Mən doğrusu bilmirəm, siz buyurun görək nəyə məşğul olacaqlar? Di buyurun görək nəyə məşğul olacaqlar? Hələ bir saatlığa cavanlar qalsınlar kənarda, di buyurun görək hacı və məşədilərimiz və seyidlərimiz və kərbəlayılarımız nəyə məşğul olacaqlar? Deyəsən, mən bilirəm nəyə məşğul olacaqlar: Bunlar da çömbələcəklər divarların dibində və başlayacaqlar şirin söhbəti. Biri deyəcək: “Dər sali-bistü çahar rus nəhs əst ki hər mahi dü ruz başəd, əgər kəsi bimar şəvəd, bemirəd və əgər bəsəfər rəvəd bir nəgərdəd və əgər bəcənd rəvəd küştə şəvəd və əgər tərzənd mütəvəllid şəvəd nəmanəd”. Heyf ki, farsca savadım yoxdur, yoxsa tərcümə edərdim. * * * Mən bircə bunu təvəqqe eləyirəm ki, bundan sonra cümə söhbəti ortalığa gəlməsin, qorxuram içindən bir şey çıxmaya. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 iyul 1907, № 28 * * * Müsəlman ürəfa və danişməndlərinə Xitabnamə Müsəlmanlar! Budur, tamam iki aydır ki, “İrşad” qəzeti tətil olunmuş, haman o “İrşad” ki, bizim bu qədər geri qalmış, bu qədər cəhlü cəhalətə düçar olunmuş millətimiz üçün bir mənbəi-nicat və fəlah, bir mövqeyi-ümmid və xilas idi! Haman o “İrşad” ki, bizi tərəqqi və təali, mədəniyyət və insaniyyət caddəsinə daima dəvət etməklə bizim səadət və xoşbəxtliyimizə rəhbər idi! Ümum camaat qəzeti olub da bu ruznamə bir qəribə cürət və fədakarlıqla millətimizi oyatmağa başlamışdı. Və bunun üçün heç bir şeyi və heç bir kəsi mülahizə etməyib hər bir sinfin, hər bir təbəqənin, hər bir fərdin eyiblərini biduni-riya və qəl-qəş aşkar edərdi. Ən əvvəl, ən çox biz ürəfa danişməndlərin eyiblərin zahir edirdi. Ümumən hər bir millətin, xüsusən müsəlman millətinin tənəzzül və puç olmasına səbəb ədəbi-elm və fənn, ədəmi-mədəniyyət və tərəqqi olduğunu düşünüb də bu qəzet bir daiyi-həqq kimi ələddəvam bizi bu mədəniyyəti, bu ülum və fünunu əxz etməyə dəvət edərdi. Bununla bərabər, məzkur qəzet əsl mədəniyyət nədən ibarət olduğunu və mədəniyyətin ənasiri nə olduğunu qəlbən və əqlən ehsas etdirib camaatımızı onlar ilə məftun edərdi. “İrşad”ın sayəsində camaatımız başlayıb düşünür idi ki, islamın və millətin səadət və nicatını bir taqım müzəxrəfat və övhamatı, bir taqım təsisat və səfsətələri mühafizət etməkdə olmayıb bərəks haman səadət və nicat, haman bu müzəxrəfat və övhamatı, haman bu təsisat və səfsətələri bitərəf edib də qədim müsəlmanların malı olan və əlan yevropalıların əlində bu dərəcədə tərəqqi və fəali etmiş ülum və fünunu əxz edib sürəti-tamam ilə qabağa hərəkət etməkdən ibarətdir! Bununla bərabər, “İrşad” bizə sübut edirdi ki, əsl islam, əsl Quran, əsl dini-Məhəmməd bu tərəqqi və fəaliyə mane olmayıb bərəks özləri məzkur ülum və fünunu əxz etməyi müsəlmanlara fərizə etmişlər! Ancaq Quranda xəbər verilmiş gözü korlar, qulaqları karlar, qəlbləri daşlar və islamı və Quranı öz namusları kimi mətai-dünyaya satanlar dini-mübini Məhəmmədini qeyr bir tərzdə bəyan edərlər!! Bu millət daisinin bu qədər cəhd və səyi sayəsində millətimiz yavaş-yavaş cünbüş və hərəkətə gəlib başladı min illərdən bəri uyqu tutmuş gözlərini açmağa və ən əvvəl biz oxumuş ürəfa və danişməndlər millətimizə olan borclarımızı başladıq düşünməyə. Biz ilə bərabər bizim pişrövlərimiz ki, ibarət olsun bəylərimizdən və xanlarımızdan və ruhanilərimizdən millətin ehtiyac və dərdlərini düşündülər. Millət özü də bir dərəcədə ayılıb öz gələcəyinin fikrinə qalmağa şüru etdi. Hər yerdə şuralar, məclislər tərtib olundular. Məktəblər, qiraətxanalar, nəşri-maariflər, darül-ehsanlar güşad olunmağa başlandı. “İrşad”ın nüfuzu günbəgün, saatbasaat artırdı. Onun təsiri Qafqaz dairəsindən çıxıb da qonşumuz islam vilayətlərinə də sirayət etmişdi və hər yerdə ümum islam millətinə qəribə bir feyz, qəribə bir bərəkət vermək idi. Təbiidir ki, bu haləti görüb də cümlə o kəslər ki, islam millətinin tərəqqi və fəalisinə, səadət və xoşbəxtliyinə düşməndirlər, cümlə o zatlar ki, öz səadət və xoşbəxtliklərini, öz şən və ehtiramlarını, öz mal və canlarını, öz sitvət və hökmdarlıqlarını millətimizin cəhl və cəhalətinə məğruq olub da zillət və xarlıqla yaşamasından əxz edirlər, “İrşad”a hücum edib “İrşad”ı məhv və nabud etməyə əllərindən gələni etdilər. Osmanlıda cümlə islamın nöqteyi-ümidgahı olan osmanlı millətini soyub yeyən hakimlər “İrşad”ı qədəğən etdilər. İranda İran hakimlərinin təvəqqe və xahişinə görə “İrşad”ın müdirindən iltizamnamə aldırdılar ki, min bəd İran barəsində yazmasın. Öz evimizdə, yəni Qafqaz dairəsində “İrşad”ın və müdirinin barəsində danoslar yağış kimi yağıb çapxanasını, evini axtarıb, hətta müdirini Qafqaz dairəsindən xarici-bələd etmək fikrinə düşdülər. Lakin “İrşad” dayanmadı və heç bir şeyi nəzərə almayıb öz məsləkində davam etdi. Bu qəzetin sidqü səfası, camaata olan bitəmənna fədakarlığı, mədəniyyət və tərəqqiyə xülusi-millətimizin mənafeyini mühafizət etmək üçün heç bir şeyi nəzərə almayıb ələddəvam mühəyya olması bu qəzeti millət qəzeti etmişdi. Məgər yaddan çıxıb o halətlər ki, camaat “İrşad”ın nömrələrin həsrət və intizar ilə gözləyirdi! Məgər yaddan çıxıb o halətlər ki, camaatımız “İrşad”ı nə həvəs və sövq ilə oxuyub hər sətrinə, hər bir sözünə və hətta hər bir nöqtəsinə diqqət edirdi. Bu qış Qafqazda etdiyi səyahət əsnasında “İrşad”ın müdirinə olan ehtiram heç bir camaat işinə məşğul olan müsəlmana şimdiyədək olubdurmu? Biz o vaxt bu halətləri görüb də qəlbən şad olurduq və güman edirdik ki, “İrşad” yavaş-yavaş böyüyüb də axırda müsəlmanlar üçün haman tövr olacaq, necə ki, gündə altı milyon nömrə çap olunan “Tayms” qəzetəsi ingilislər üçündür! Lakin va əsəfa! Haman “İrşad” bu gün yoxdur!! Əvvəl dəfə bu xəbər qulağımıza çatdıqda biz bavər etmədik! O qədər bu xəbər qəribə, qeyri-mümkün hesab olurdu! Bizim təəccüb və heyrətimizə intəha yox idi! Və doğrusu, əvvəllərdə bizim cümlə hiddət və qəzəbimiz, cümlə açıq və nifrətimiz “İrşad” qəzetinin müdir və sahibi-imtiyazı olan Əhməd bəy Ağayevin tərəfinə oldu! Biz əvvəlcə belə güman etdik ki, əgər “İrşad” yoxdur, səbəb haman cənab Ağayevdir! Yəqin ki, bu cənab işini apara bilməyib! Lakin bir az keçdi! Əhməd bəy Ağayev Qafqaz qəzetlərində “İrşad”ın bağlanması barəsində bəyanat yazdı, biz bu bəyanatı oxuduq! Oxuyub da həm utandıq, həm də xəcalət çəkdik! Həm özümüzün yerinə, həm də millətimizin yerinə! Bir fikir edin! Bu qədər camaat sevgilisi qəzetin müdiri və sahibi-imtiyazı özünə müalicə etmək üçün beş yüz manat tapmayıb da on iki prosent ilə pul götürüb müalicəyə gedir! Ar və eyib deyilmi bu! Əgər bir kəs moltanıya belə qulluq etsə əqəllən müalicə pulundan möhtac olmazdı! On dörd ildən bəri cənab Ağayev kimə qulluq edir? Bizə deyilmi? Hankı bədəni, hankı əsəbləri, hankı qanı müalicə etdirir?! Haman o bədəni, o əsəbləri, o qanı deyilmi ki, bizim yolumuzda fəda edib! Bircə bu üç ildən bəri Ağayev çəkdiyini yad-bud edək! Millətimiz bəlayi – nagəhanə düçar olduğu günlər Tiflisə, Peterburqa, cürbəcür məclislərə, millət işlərinə haman Ağayevi göndərmirdikmi! Buna da kifayət etməyib tərəfi-müqabil yazdıqları mətləblərə paytaxt və Qafqaz qəzetlərində cavablarını genə haman Ağayevdən gözləmirdikmi?! Bəli!! O vaxtlar onun yazdıqlarını, onun nitqlərini oxuyub xoşumuz gəlirdi, afərin deyirdik, ürəyimiz arxayın olurdu!! Pəs şimdi?! Yox! Yox! Ağayev öz borcunu, öz vəzifəsini millətə nisbət axıradək və hətta gücündən artıq əncama gətirib! Onun bəyannaməsi ürək qanı ilə yazılmış bir nalədir! Təngə gəlmiş və yorulmuş bir ruhun əfğanıdır!! Ağayev əlindən gələni edib! Hər qapını döyüb, hər kəsdən kömək istəyib! Axirüləmr heç yerdən, heç kəsdən bir mədəd görməyib, naümid olub işdən geri durmuş! Lakin əsl günah, əsl eyib biz müsəlman ürəfa və danişməndlərində deyilmi?! Biz günahkar deyilikmi ki, Ağayevi meydani-mübarizədə tək qoyub vaxtında köməyə gəlmədik?! Ağayevin bəyannaməsi bizim üçün böyük bir tənbehnamə deyilmi?! Haman bu bəyannamə bizim və millətimizin vicdan və insafının üzərində dünyalar durduqca daimi bir damğa olmayacaqmı?! Müsəlmanlar! Oxudunuzmu və yainki eşitdinizmi Qafqazda və Rusiyada çap olunan xarici qəzetlərdə “İrşad”ın bağlanması xüsusunda yazılan məqalələri?! Oxudunuzmu, eşitdinizmi bizə xaricilər tərəfindən olan məzəmmətləri, töhmətləri?! Və əgər oxudunuzsa, eşitdinizsə sizin qeyrət və namusunuz bunlara tab gətirəcəkmi?! Məgər bizdə o qədər qeyrət və namus-milliyyə olmayacaq ki, əqəllən bu töhmətlərin, bu məzəmmətlərin altından çıxaq və aləmə sübut edək ki, bizdə qeyrət, həmiyyət var!! “İrşad” qəzetinin gələcəyi böyükdür! Heylə bağlanan günü bu qəzetə üç min altı yüz çap olunurdu. Bizim yəqinimizdir ki, iki-üç ilin əsnasında bu ədəd birə iki olub öz-özünü saxlar! Pəs cümlə mətləb, cümlə məsələ bundadır ki, bu qəzetəyi iki-üç il himmət edib saxlayaq!! Və bundan ötrü ən diqqətli hesaba görə ancaq ildə on beş min manat lazımdır. Bu məbləğ ilə həm “İrşad”ı və həm onun həmməsləki olan və xaricilər müqabilində müsəlmanları mühafizət etmək üçün bina olunmuş rus dilində çap olunan “Proqress” qəzetini aparmaq olar. Pəs bu məbləği hüsula gətirmək üçün biz zeyldə dəst-xətt yazan firqeyi-ürəfa və danişməndlər bu fikrə düşdük ki, bir “Nəşri-mətbuat” şirkəti qayırıb məzkur qəzetləri ehya edək. Bu şirkət ibarət olacaq əqəllən iki yüz adamdan; hər bir üzv üç ilin müddətində ildə yetmiş beş manat üzvlük haqqı verəcək: bu yetmiş beş manatın yarısı ilin bu başı, o biri yarısı ilin o biri başı veriləcək. Qəzetlərin cümlə maliyyə və idarə cəhəti şirkət tərəfindən intixab olunmuş heyətin əlində olacaq. “İrşad”ın və “Proqres”in əlan on yeddi min manatlıq mayəhtacı var. Bu mayəhtaclar və hər iki qəzetlər şirkətin malı olacaq. Müsəlmanlar! Bu qədər zəhmətlə tərtib olunmuş belə böyük bir binanı əldən buraxmaq, dağıtmaq, ələlxüsus geri qalmış və bu günə binalara möhtac olan millət üçün nəinki günahdır, bəlkə xəyanətdir!! Əgər bizdə bir az namus və insaf var isə, əgər biz doğrudan millətimizin qeydinə qalırıqsa, əgər bizim üçün islam və onun tərəqqi və təalisi əziz isə, biz gərək himmət edib qoymayaq ki, bu bina dağılsın və bu nəhv ilə bu ləkəni millətimizdən götürək!! Bu qədər milyon müsəlmanlar üçün iki yüz üzv nədir?! İldə yetmiş beş manat nədir?! İctima edən cümlə o müsəlmanlar ki, qeyrət və namusdan, həmiyyəti-milliyyədən bəri deyilsiz!! Ayda altı-yeddi manat bu qədər böyük iş üçün bir şey deyil!! Ancaq bir az həmiyyəti-milliyə və tərəqqipərəstlik istər! Bizə yəqindir ki, hələ müsəlmanların arasında çoxlarının qəlblərində millətpərəstlik, həmiyyət, xeyir işə meyl mövcuddur; lakin gərək bu qəlbləri cünbüşə, hərəkətə gətirən ola; bu vəzifə də, bu iş də bizim oxucularımızın, ürəfa və danişməndlərimizin borcudur; gərək bunlar hər yerdə birləşsinlər! Hər yerdə öz zəhmət və qeyrətlərini görkəzsinlər; bizim bu xitabnaməmiz bizim ürəfa və danişməndlərimiz üçün bir imtahandır, onun iş görmək qabiliyyəti üçün bir məhəkdir; şimdiyədək bizlər cümlə ümidlərimizi bir neçə şəxslərin üstünə atıb özümüzü hər bir vəzifədən, hər bir borcdan, hər bir işdən azad hesab edərdik; halbuki qeyri millətlərin arasında cümlə böyük işlər, cümlə böyük hərəkətlər ictimaların şirkətləri, qeyrət və səyləri ilə olub; xəyal və məqsədlə müttəhid olmuş bir kaç kişi daha artıq iş görərlər, nəinki tək-tək adamlar. Pəs işə şüru: edək sürətlə! Tərəqqi və səadət yolunu görkəzən tənha bir qəzetimizin bağlanmaq ləkəsini öz əlimizdən siləlim! Qəzetimizi tez ehya etməklə cümlə qonşu millətlərə sübut edəlim ki, biz milləti-islamda da həmiyyət, qeyrət və işi görmək qabiliyyəti var: Doktor Kərimbəy Mehmandarov, incener Məhəmmədhəsən Hacinski, doktor Həsən bəy Ağayev, “Kaspi”, “Füyuzat”ın müdiri Əli bəy Hüseynzadə, mühərriri-şəhir Əhməd Kamal, incener Behbud ağa Cavanşir, yurist Əbdüləli bəy Əmircanov, müəllim Sultanməcid Qənizadə, müəllim Məhəmmədhəsən Əfəndiyev, doktor Bəhram bəy Axundov, incener Lütfəli bəy Behbudov, incener Cavad bəy Vəzirov, incener Cəlil bəy Sultanov, incener Ağalar bəy Xanlarov, müəllim Həbib Mahmudbəyov, incener Zivər bəy Əhmədbəyov, doktor Qara bəy Qarabəyov. Bədəttəhrir üzv olmaq xahiş edənlərin diqqətlərinə: 1)Təvəqqe olunur üzv olmaq xahiş edənlər işin sürətlə tamam olması üçün mümkün dərəcədə tez öz xahişlərini yarım ilin üzvhaqqı ilə barəbər bu adreslərin birinə irsal buyursunlar: Baku, Nikolaevskaya ulitsa, protiv realnoqo uçilişa, doktoru Baxrambeku Axundovu Baku, Obraztsovıy ryad, maqazin İskenderbeka Melikova. Elə ki, yüzə qədər üzv tamam oldu üzvlər ümumi iclasa dəvət olunacaqlar. Hər bir şəhərin üzvləri iclasi-ümumiyə ya cümləsi gələ bilərlər, ya bir vəkil göndərə bilərlər və yainki Bakıda sakin bir üzvü öz tərəflərindən vəkil edə bilərlər. Üzvlər öz xahişlərini pulları ilə bərabər göndərdikcə qəzetlərdə elan olunacaqlar. İclasi-ümumidə bu məsələlər müzakirə olunacaq: Əvvəla, qəzetlərə müdir intixabı. Saniyən, qəzetlərin maliyyə cəhətini idarə etmək üçün bir komissiya seçmək. Salisən, bir nəzarət komissiyası intixab etmək üçün ki, hərdənbir maliyyə komissiyasının işlərini təftiş etsin. Zeyldə adları siyahı üzrə dərc olunan əşxaslar şimdidən özlərini üzv yazdırmışlar: 1)Axund ağa Əbdürrəhim ağa Müctəhidzadə, 2) Axund Məhəmməd ağa Haqverdizadə, 3) Axund Molla Hüseyn Oruczadə, 4) Axund Molla Fərəc Pişnamazzadə, 5) Doktor Kərim bəy Mehmandarov, 6) Şirəli bəy Əmircanov, 7) Azad ağa Cavanşir, 8) Murtuza Muxtarov, 9) Hacı Əcdər bəy Aşurbəyov, 10) İsmayıl bəy Tağıbəyov, 11) Cahangir xan Nuribəyov, 12) Həmidə xanım, 13) Abdulla bəy Qalabəyov, 14) Həmid bəy Zülfüqarov, 15) Mehdi Qurbanov, 16) Allahyar bəy Zülfüqarov, 17) Məhəmməd bəy Rəfibəyov, 18) Hacı Məhəmmədhüseyn Rəfiyev, 19) Ağa Məhəmməd Əhmədov, 20) Məhəmmədhəsən Hacinski, 21) İskəndər bəy Mahmudbəyov, 22) Həbib bəy Mahmudbəyov, 23) İsa bəy Aşurbəyov, 24) Bəşir bəy Aşurbəyov, 25) Mehdixan bəy Aşurbəyov, 26) Yusifəli Əliyev, 27) Qara bəy Qarabəyov, 28) Yüzbaşı bəy Aşurbəyov, 29) Ağa Şərif bəy Aşurbəyov, 30) Gəray bəy Aşurbəyov, 31) Əli bəy Hüseynzadə, 32) Əhməd Kamal, 33) Əlibala Əliyev, 34) Həsən bəy Ağayev, 35) Azad bəy Vəzirov, 36) Fərrux bəy Vəzirov, 37) Cavad bəy Vəzirov, 38) Zeynal bəy Vəzirov, 39) Əbdüləli bəy Əmircanov, 40) Hüseyn bəy Ağayev, 41) Məşədi Mehdi bəy Ağayev, 42) Məlik Rəsulov, 43) Məşədi Əbdüləli Abdullayev, 44) Zivər bəy Əhmədbəyov, 45) Məhəmmədhəsən Əfəndiyev, 46) Əlicabbar Orucəliyev, 47) Sultan Mustafabəyov, 48) Məhəmmədsadıq Güləhmədov, 49) Mirzə Mehdi Əliyev, 50) Əbdürrəhim Səmədov, 51) Sultanməcid Qənizadə, 52) Sadıq Ağalarov, 53) Ağalar bəy Xanlarov, 54) Əbdürrəhmanov, 55) Ağa İsmayıl Quliyev, 56) Xudadad Quliyev, 57) Gülməhəmmədbəyov, 58) Mirsiyayovlar, 59) Mirzə Hüseyn Münşiyev, 60) Məşədi Şamil Hacıyev, 61) Əzimovlar, 62) Muradov, 63) Kərbəlayı Əkbər Seyidbəyov, 64) Məşədi Mahmud Müqimov, 65) İsmayıl bəy Axundov, 66) Rəştiyev, 67) Məşədi Süleyman Əsgərov, 68) Rzayevlər, 69) Lütfəli bəy Behbudov, 70) Behbud ağa Cavanşir, 71) Sultanov Cəlil bəy, 72) Bəhram Axundov, 73) Ağa bəy Cəfərəliyev, 74) Ağa Hüseyn Tağıyev, 75) Cavad ağa Cavanşir, 76) Ağa Abbas Hacıyev, 77) Knyaz Xasay xan Usmiyev, 78) Kərbəlayı ağa Cavanşir, 79) Nəsrulla bəy Aşurbəyov, 80) Hacı Əhməd bəy Aşurbəyov, 81) Fətulla bəy Rüstəmbəyov, 82) İsa bəy Əlibəyov, 83) İsa bəy Tağıyev, 84) Rəhim bəy Xəlilov, 85) Zülfüqar Tanrıverdiyev, 86) Mustafa Əliyev. “Molla Nəsrəddin”, 26 avqust 1907, № 32 * * * Müsəlmanların “millət duması” Ramazan ayının əvvəllərindən başlanmış axırına qədər Qafqazın və İranın cəmi uyezd və quberniyasında, hətta 6 evlidən ibarət olan qəryəsində də millət duması namında bir şura olacaqdır. Qərardadlar: Hər quberniya və uyezddə də kəndlərdə yerin kifayət qədərində vüsətli olduğuna baxıb özlərinə məxsus camaatın müsəlmanca oxumuşlarından birini sədr seçib onların təhti – sədarətində Zemski uçrecdeniyalar, yəni məhəlli şuralar olacaqdır. Və məclisin baxmağa ixtiyarı olduğu işlər 22 bənddən ibarətdir. Şurada sərf edilmək üçün maliyıtı öz öhdəsinə almaq sədrin borcudur. Məsələn: Hübubat qəbildən buğda, maş, noxud, paxla, çəltik, mərcimək, küncüt, çətənə, darı və arpa. Məkulat qismindən yağ, pendir, şor, qurut. Mənsucat qəbilindən corab, şal, dolaq, yun və dördayaqlı qismindən qoyun, inək, at, dana bu kimi heyvanlar və əşyalar cümləsi sədrin, yəni mollanın ixtiyarında olacaqdır. Şuralara mütəəllib və lazım olan məkanları məscidlərdə qərar verib və Ramazan ayı qurtarınca məscidləri təmiz saxlayıb camaatı xoş dil ilə dindirmək sədrin ixtiyarındadır və genə kəndi şurasını mütəəlliq olmayan məscidlərə adam qoymamaq üçün bir para tədbirlər etmək də sədrin borcudur və camaatı məscidə gəlməyə təşviq etmək də sədrin vəzifəsidir. Əhalidən sursat almaq və dünyasından kəsib axirətinə yamaşdırmaq sədrin öhdəsindədir. Məhəllə şuralarına məxsus olan xeyrat və ehsanatı dilənçi və dərviş kimi moizələrdən qurtarıb yeyib yığışdırmaq sədrin vəzifəsidir. Sədri-məclis borcludur ki, dilənçi və dərvişi bir tikə də çörək yeməyə qoymayıb dərvişlik və dilənçilikdən qurtarsın. Camaatın straxovaniya məsələsinə yetişmək, qızdırma bağlamaq, nüzlə yazmaq və bu kimi işlər ilə camaatı müəzzi və misri naxoşluqlardan hifz etmək genə sədrin vəzifəsidir. Bikarçılıq məsələsini həll etmək və bikarçılıqdan azıb iş həvəsində olan kimsələrə müqəddəs olan tənbəlliyin faydalarını bildirmək, iş görməyin məzərrətini axşama kimi minbərlər ayağında bikar oturub gün batanda çıxıb sual ilə evə çörək aparmağın qiyamət günündə savabını bildirmək, dünya malının məhz murdar citə olduğunu camaata söyləyib, amma özü iki əl ilə qarmalamaq genə sədrin vəzifəsidir. Qanunda göstərilən vəchlə elm-maarifin intişarına çalışmaq, xaric elmləri qəbahətli qoymaq, oxumuşları laməzhəb etmək, adamın qulağına gündə bir fitnəamiz söz buraxmaq, məsələn, dar şalvar geymişləri, bihörmət etmək, rusi baş qoyanda dəstəmaz düşməz demək, minbərdə peyğəmbərin imamın nəüzübillah dilindən hər gündə min tövr yalan söyləmək – genə məhəllə şurasında olan sədrin ixtiyarındadır. Camaatı bikar qoymaqla hər tövr cinayətlərə vadar etmək, dövləti həbsxanalardakı padşahın pulunu məhz müsəlmanlar əlinə keçirmək üçün həbsxanaları bikarlıqdan oğurluq edən camaat ilə doldurmaq, camaatın əhvalı-səhiyyələri xüsusunda tədbirlər etmək, məsələn, soyuq vuranda qan götürmək, baş ağrıyanda başın yan damarlarına beş-on zəli saldırmaq kimi sözləri tövsiyə etmək də sədri – məclisin öhdəsindədir. Camaatın əkinlərinə, buğdalarına nəzarət yetirmək, hər gün müayinə etmək və xırmanları çıxmağa bir az qalmış çuvalları nökərin əlinə verib başının üstündə hazır etmək genə sədrin borcudur. Camaatın axirət işlərinə nəzarət etmək: Əqəllən, gündə yüz dəfə istibra və qüsl, təyəmmüm məsələsini deyib (əx bix... ta səri-həşfə befişarət) kəlməsini təkrar etmək sədrin ixtiyarındadır. Hərgah bir şəhərdə bir şuradan artıq camaat olsa lazımdır o halda sədr yığılıb şuraların adına qürə atsınlar. Hər birisinə hansı şuranın adı çıxsa o şurada isə məşğul olmalıdır. Dumanın qanunnaməsinə müvafiq rəftar edib, vergi almaq üçün camaatın arasına intibahnamələr buraxıb aşağıda on ikinci bənddə yazıldığı kimi iki qəst vergi almaq gərəkdir. Sədi – məclis bu şuralara daxil olan üzvlərin cümləsindən bilatəfavüt hər on beş gündə vergi alıb əvəzində: get, filankəs, dünyada sənə dövləti-İbrahim qismət olsun deməyə borcludur. Bu məclisdə vergi vermək ixtiyarı müsavi olsa da camaatın qüvvəsincə təfavülü olacaqdır. Dövlətli beş manat verdikdə gün ruzusuna möhtac olan da əqəllən bir beş-on qəpik verməyə qanunən məcburdur. Quberniya və uzeyd şəhərlərindən başqa olan yerə sədrin ixtiyarı vardır ki, toyuq və cücə də vergi bədəlinə qəbul etsin. Şuraya daxil olmaq ixtiyarı o adamlarda olacaqdır ki, heç olmazsa ildə bir-iki dəfə sədri görüb xoşnud etmiş ola. Şuraya daxil olan üzvlər gərək iki dizi üstə oturub ağızlarını göyə açıb sədri-məclis hər nə söz söyləsə yorğun öküz kimi gözlərini bərəltsinlər. Sədr olmaq qafil və alimnüma mollaların haqq və vəzifəsidir. Fikri açıq ziyalı mollaların ixtiyarı yoxdur ki, bunların işinə qarışsın. Bu sədrlərin ixtiyarı vardır ki, bir nəfəri nahaq yerə minbərdə təkfir edib camaatın gözündən salsınlar. Sədrin ixtiyarı vardır ki, bir yerin ya bir kəsin siğəsini bir kəllə şəkər alıb özgəyə oxusunlar və heç bacarmadığı yerdə kəbin də kəsib işləri bugünkü tərzə salsın. Sədr laəqəll 125 firəng arşınından əmmamə bağlayacaqdır. Bundan artıq bağlamaq öz ixtiyarındadır. Hərgah bir nəfər söyləsə ki: “Cənab peyğəmbərin əmmaməsi bu böyüklükdə deyil idi”, ixtiyarı vardır desin ki, indi zəmanənin təqazası budur, xaricilərin qabağında bizim böyüklük və zinətimiz gərək bundan da artıq olsun... Sədrin ixtiyarı vardır ki, məclisdə çörək sərf edəndə qıçların da uzatsın, gəyirtisi məclisin o biri tərəfində tapança səsi versin və bir nəfər bir məsələ sual edəndə bir-birləri ilə böyük bəhs açsınlar, axırda gün batsın, məsələ sahibinin də məsələsi yadından çıxsın. Sədri-məclis Sağsağan “Molla Nəsrəddin”, 02 sentyabr 1907, № 33-34 * * * Yoldaş Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı qəzetin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır. Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar, öz mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri – mümkündür. Hələ bu sözləri qoyaq, buradan bir müqəddimə başlayaq. Bir ay bundan irəli mən qəzetlərdə oxudum ki, Bakıda türk dilində “Yoldaş” adında bir qəzet çıxacaq. Doğrusu mən çox sevindim, çünki elə bildim ki, qəzetin müdiri cənab Əsədulla Axundov qəzetinə “Yoldaş” adı qoymaqda istəyir özünə yoldaş tapsın və köməkləşib getsin bir yəhudi ya bir ermənini tutub əngini əzsin. Maşallah, maşallah! bu da bizim millətpərəstlərimiz, bu da bizim əhli – qələmlərimiz. İndi məlum olur ki, Cənab Əsədulla Axundovun fikri lap özgə imiş. İndi cənab Axundovun yoldaşı Rəsulzadə dad-fəryad edir ki, nə səbəbə Gəncədə bigünah erməni camaatının biçarə övrət-uşağını nahaq yerə qırırlar! Demək ki, Rəsulzadə cənabları ermənilərin halına yanır, onlara yazığı gəlir. Ar olsun belə əhli-qələmlərimizə, ar olsun Gəncənin müsəlmanlarına ki, ermənilərlə mehribançılıq göstəriblər. Ümidimiz bunadır ki, çox çəkməz Ordubadın qırmızı saqqallıları Gəncə müsəlmanlarını Əsədulla Axundovları və Rəsulzadələri lazımınca təkfir edib “Yoldaş” qəzetini boykot edərlər, inşallah. Bəli, Rəsulzadə cənabları yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar öz mənfəətlərini və zərərlərini qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri-mümkündür. Nədir bu sözlərin mənası? Necə yəni erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar? Məgər qabaqca tanımırdılar? Kimdir müsəlmanın düşməni? Bunu uşaq da bilir ki, erməninin düşməni müsəlmandır və müsəlmanın düşməni ermənidir. Bunu ermənilər də bilir, bunu müsəlmanlar da bilir, bunu erməni və müsəlman qabaqca da bilirdi, bunu erməni və müsəlman indi də bilir. Pəs bir surətdə ki bunu hamı bilir, dəxi bu cür birməna sözləri yazmaqdan nə çıxsın? Cənab Rəsulzadə yazır ki, indi erməni və müsəlmanlar dəxi öz mənfəətlərini və zərərlərini qanıblar. Məgər irəlicə qanmırdılar? Əgər qanmırdılar, pəs nə səbəbə dava salırdılar? Sözün doğrusu budur ki, erməni də öz xeyrini qanır, müsəlman da öz xeyrini qanır. Allah erməni və müsəlman davasına bərəkət versin. Əgər erməni-müsəlman davası olmasaydı, nə ermənilər Qarabağda Xankəndini dağıdıb müsəlmanın var-yoxuna sahib ola bilərdi, nə də Naxçıvanda müsəlmanlar ermənilərin dükanlarını dağıdıb top-top çitləri evlərinə daşıya bilərdilər. Lazımdır mülahizə etmək ki, məsələn, Xankəndində nə qədər erməni yox yerdən bir saatın içində dövlətə çatdı və nə qədər müsəlman Naxçıvanda bir saatın müddətində dövlət sahibi oldu? Bunu məgər ermənilər və müsəlmanlar qabaqca bilmirdilər? İndi ermənilər və müsəlmanlar bilmirlər? Bunlar məgər təzə sözdür? Bunu cicim də bilir. Belə məlum olur ki, tək bircə cənab Rəsulzadənin bundan xəbəri yoxdur. Sonra cənab Rəsulzadə yazır ki, dəxi bundan sonra ermənini və müsəlmanı aldadıb alət etmək qeyri-mümkündür. İnanan daşa dönsün! Bircə sözüm qaldı. Dünyada cürbəcür heyvan var. Bunlar nə qədər ki, bir-birini görmüyüb və tanımayıb, əvvəl dəfə bir-birinə rast gələndə başlayırlar vuruşmağa: məsələn, xoruz, it, at, qoç, gamış və qeyriləri. Amma nə qədər dünyada yırtıcı və qeyri yırtıcı heyvan var, bir-birilə iki gün bir tövlədə və bir həyətdə qalıb üns tutandan sonra bir-birinə mehriban olub dəxi heç vaxt dava eləmirlər. Cənab Rəsulzadə yazır ki, dəxi bundan sonra erməni və müsəlmanı aldadıb alət etmək qeyri-mümkündür. Amma mən də deyirəm ki, dünyanın iki gün bir həyətdə yaşayan heyvanlarını aldadıb vuruşdurub alət etmək qeyri-mümkündür. İndi buyurun görək, cənab Rəsulzadə artıq cürət ilə sözü deyə bilər, yainki biz artıq cürət ilə bu sözü deyə bilərik? “Molla Nəsrəddin”, 17 sentyabr 1907, № 35 * * * “İrşad” çıxır “İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir. “Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43 * * * İdarədən Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub. Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır. Hər halda Fatının qubernatora çul təqdim eləməyinin indiki qubernatora dəxli ola bilməz. Əvvələn, bu səbəbə ki, hazırdakı qubernator qraf Tizenqauzeni biz dövlətli bir şəxs tanıyırıq: Və əgər müşarileyh bir kasıb kürddən bir çulu qəbul etməli də olsaydı, onu dəxi artıq bir ənam ilə yola salardı və ikinci də budur ki, necə də yuxarıda işarə olundu, “Fatı” mənzuməsi indiki qubernatordan çox irəli yazılıb. Məcmuənin müdir və baş mühərriri Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin”, 23 dekabr 1907, № 48 * * * Qırmızı Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır. Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər. Amma “Qeyrət” mətbəəsində biz bir təqsir görmürük, ondan ötrü ki, “Qeyrət” mətbəəsi də baxır öz müsəlman qardaşlarına və onların rəftarına görə də “Qeyrət” mətbəəsi əməl eləyir. Məsələn, görür ki, müsəlman qardaşlar cümə günləri dükanlarını açıb şirin alış-veriş eləyirlər, “Qeyrət” mətbəəsi də təqvim yazanda dəxi cümə günlərini özgə günlərdən seçmir və qırmızı mürəkkəb ilə nişan eləmir, nişan eləməyə də heç haqqı yoxdur, hərgah eləmiş olsa idi, o vaxt “Qeyrət” mətbəəsi mətbuatı və özgə millətləri allatmış olurdu, bu da “Qeyrət”ə yaraşmaz. Bunu yazıb camaata bildirməkdə biz bu sözü də öz tərəfimizdən veririk ki, əgər bundan sonra müsəlmanlar cümə günləri dükanları bağlasalar və oğurluqca dükanın içinə girib qapıların arasından qorxa-qorxa alış-veriş eləməsələr, gələn il “Qeyrət” mətbəəsini də borclu elərik ki, builkindən daha gözəl və kamil təqvim yazıb cümə günlərini də qırmızı mürəkkəb ilə yazsın. Hər kəs bu sözdən qaçsa namərddir. “Molla Nəsrəddin”, 20 yanvar 1908, № 3 * * * “Tərcüman” Bilmərəm yazım ya yox!.. “Tərcüman” qəzetəsinin iyirmiilliyi tamam oldu. Yəni tamam iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm vurur. Çox üzr istəyirəm oxucularımdan ki, heç kəsə lazım olmayan sözləri burada yazıb xalqa başağrısı verirəm. İyirmi beş ildir ki, İsmayıl bəy Krım vilayətinin Baxçasaray şəhərində oturub yazır, yazır, yazır. Mən elə bilirdim ki, iyirmi beş il tamam olandan sonra dəxi dəftəri büküb gedəcək alış-verişə. Amma genə yazır. Budur, “Tərcüman”ın 26-cı ilinin dördüncü nömrəsi qabağımda. Hələ kişi genə yazır. Həqiqət, zarafat eləmirəm. Mən yəqin eləmişdim ki, dəxi İsmayıl bəy qəzetəçiliyinin vərəqini büküb gedəcək işinə. Amma “Tərcüman” genə çıxır. Və irəlikindən dəxi gözəl çıxır. Əgər elə bu gün İsmayıl bəy qəzetini bağlasa, heç kəs gərək buna təəccüb eləməyə. Hər bir işdə və hər bir sənətdə insanı həvəsləndirən haman işin nəticəsidir. Bu barədə “Tərcüman” nəyə fəxr edə bilər? İyirmi beş ildi “Tərcüman” deyir, məsələn, müsəlman qardaşlar, məktəb açın. Məsələn, naxçıvanlılar deyə bilməzlər ki, biz “Tərcüman”ın belə nəsihətini eşitməmişik. Ondan ötrü ki, “Tərcüman”ı görməyən şəhərimiz yoxdur. İyirmi beş ildir ki, “Tərcüman” deyir: Müsəlman qardaşlar, məktəb açın, amma indi bu saat Naxçıvan küçələrinin divarlarında bir belə elan vurulub: Elan: Cəmi müsəlman qardaşlara elan olunur ki, bu il Naxçıvanda məşhur tasabaxan, duayazan və cadu eləyən molla molla ağanın təhti–nəzarətində “Kərimə” adında Adəm əsrindən qalma üsul ilə bir məktəb açılıb. İnsaf əhli görür ki, “Tərcüman” qəzetəsi naxçıvanlılara heç lazım deyil imiş və bu iyirmi beş ilin müddətində heç lazım olmayıb. Hələ Naxçıvan qalsın kənarda, keçək Tiflisə ki, Qafqazın mərkəzidir. İyirmi beş ildi “Tərcüman” deyir ki, müsəlman qardaşlar, gedin dərsə, gedin sənətə, məşğul olun ticarətə, çalışın-vuruşun və özünüzü mədəni millətlərin cərgəsinə daxil edin. Amma indi bu saat Tiflisdə müsəlmanlar çəkilib doluşublar bir məhəlləyə və adını qoyublar “Şeytanbazar” və səhərdən axşama kimi düzülürlər məhəllənin dar küçələrinə və əsnəyə-əsnəyə yol ilə keçən və hamama gedib-gələn urus xanımlarına və gürcü uşaqlarına tamaşa eləyirlər. Keçək Kaspinin o tayına. Götürək Aşqabadı. Keçən il molla Şükürün itən talaqqası odur bu saat Aşqabadda Müzəffəri uşkolunda Məşədi Bağır əminin əlindədir. Hələ məzəsi budur ki, soruşursan, rəhmətliyin oğlu, bu təzə üsul ilə açılan məktəbdə talaqqa nəyə lazımdır? Cavab verir ki, dərsləri təzə üsul ilə veririk, amma uşaqlara köhnə üsul ilə tənbeh eləyirik. Maarif qədri bilən millətlər içində “Tərcüman” kimi bir qəzetənin iyirmi beş illik bayramı milli bir bayram sayılır. Arzu edirəm ki, möhtərəm oxucularımız qoca Mollanın səsinə səs verib ucadan desinlər: Yaşasın “Tərcüman”! “Molla Nəsrəddin”, 27 yanvar 1908, № 4 * * * Mozalan bəyin səyahətnaməsi Oxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə. Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək. Amma bir həftəyədək Mozalan bəy burada məşğul olacaq özü üçün yalandan bəylik şəhadətnaməsi çıxartmağa və nə fənd-fel ilə, nə hiylələr və bicliklər ilə bu şəhadətnaməni çıxardacaq – bunu da səyahətnamənin müqəddiməsində yazacağıq ki, oxucularımız üçün bir növ təcrübə hasil olacaq. İdarədən “Molla Nəsrəddin”, 9 mart 1908, № 10 * * * Milli bayram “Tərcüman”ın 25 ili (1883-1908) Bu aprel ayının onunda möhtərəm “Tərcüman” qəzetinin çıxmağa başlamasının 25-ci ili tamam oldu. Bir müsəlman qəzetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəxtiyarlıqlardandır. Mətbuat aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qasprinski həqiqətən bəxtiyardır. Bəli, bəxtiyardır. Çünki 25 il çalışıb min zəhmət və müsibətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla görür. Görür ki, 25 il əvvələ qədər donmuş bir halda olan millətin qanı yavaş-yavaş tərpənir, beyni yavaş-yavaş işləyir. Bu işləməklə özünü bir az tanımaq haqqını bilmək, insaniyyəti qanmaq, zəmanənin təqazasına qulaq asmaq istəyir. İsmayıl bəyin millətimizə, insaniyyətə etdiyi böyük-böyük xidmətləri burada saymaq bizim üçün çox çətindir. Ancaq millətimizin əksərinin, hələ indiki halda belə, mətbuata, təzə fikirlərə, yeni üsula olan rəğbətsizliyini, zəmanədən bixəbərliyni göz önünə gətirəcək olursaq, İsmayıl bəyin, bu səbatlı böyük, mühərririn bu uzun müddətdə nə zəhmətlər çəkdiyini, nə fədakarlıqla “üsuli-cədidə”nin nəşrinə çalışdığını bilmək olar. İsmayıl bəy haziq həkim kimi millətimizin dirilməyini məktəbdə, maarifin nəşrində gördü: qüvvətinin ən çoxunu bu yolda sərf elədi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Bağçasaraydan Çinə, Kazandan İrana qədər nəşr elədi. Mülayimanə, lakin təsirli məqalələr ilə uyuşmuş beyinlərdə “mühakimə” qüvvəsini oyandırdı; köhnə üsulu, bütpərəst adətlərimizi silməyə çalışdı. İsmayıl bəy millətinin oyanmağına lazım olan heç bir vasitədən geri qalmadı: bir tərəfdən mətbuatda çalışdı, digər tərəfdən daxildə, xaricdə cəmiyyətlər təşkil edib millətdə “müşavirə” hüsnü oyandırdı. Camaat qeydinə qalmaq genə camaatın, ümumin borcu olduğunu anlatdı və ancaq bu ittihad və müşavirə qüvvətilə əsarətdən xilas olmaq mümkün olacağını bildirdi. Xülasə, demək olar ki, indiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda çalışan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı. İştə bu birinci ədibimizin 25 illik xidməti aprelin 10-da tamam oldu. İsmayıl bəy öz milli və insani borcunu nə cür yerinə yetirdisə, ümid ki, millətimiz də onun xidmətini təqdir edib qədirşünaslıq borcunu yerinə gətirər və bu günün yadigarlığı üçün əldən gələn fədakarlığı əsirgəməz. Hərçənd İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı tədbir edəcək və adını qızıl xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə çatacaq. Amma belə bir gündə millətin bihiss durmağı millətin özü üçün böyük həqarətdir, millətin hələ xeyir ilə şəri qanmadığını bildirməkdir. Buna görə İsmayıl bəyə nə qədər hörmət göstərilsə, millət o mərtəbə mədəni dərəcəsini, öz qədirşünaslığını, öz diriliyini göstərmiş olur. Bu səbəblədir ki, Orenburq, Üfa, Türküstan, Krım müsəlmanları bu günün mübarəkbadlığı üçün böyük nişanələr, əsərlər qoymağa hazırlanırlar. Rusiyanın bir çox yerlərində bu günün yadigarlığına “İsmailiyyə” adilə darülmüəlliminlər, nəşri-maarif cəmiyyətləri, ibtidai oğlan və qız məktəbləri açmaq, mühərririn naminə məktəblərə müsəlman şagirdləri üçün stipendiya vermək və ya mühərririn özünə münasib hədiyyələr göndərmək istəyirlər və bir çox şəhərlərdən məxsus vəkillər gedib mayın 2-də olacaq duada bulunacaqlar. Ümid ki, bizim Qafqaz müsəlmanları da öz dirilik və insaniyyət mərtəbələrini göstərmək üçün bu böyük ədibimizə lazım gələn hörmət və tədbirdən geri qalmazlar. Hərçənd 25 ilin tamamı aprelin onunda oldu, amma Bağçasaraya yığılıb dua eləmək mayın 2-də olacaq. Əgər göndəriləcək hədiyyələr və o günün adına qoyulacaq əsərlər mayın 2-nə çatmasa sonra da ola bilər. “Molla Nəsrəddin”, 20 aprel 1908, № 16 * * * Təzə kitab “Avropada üç aylıq səyahətim” Yazan Ədilxan Ziyadxan Hərdənbir ziyalı cavanlarımızın şirin qələmindən törəyən kitabların biri yuxarıda ad verdiyimiz kitabdır ki, təzəlikdə Gəncədə, nəhayət, səliqə ilə çapdan çıxıb dağılmaqdadır. 60 səhifədən ibarət olan bu kitab İstanbulda “Aya-Sofiya” cameinin iki təsviri ilə zinətlənibdir. Kitabın əla kağız üstə çap olmağını da nəzərə alıb cürət ilə deyirik ki, kitabın zahirinin təkmili üçün heç bir şey müzayiqə olunmayıb. Kitabın məzmununa gəldikdə burada kitabı tənqid etmək niyyətində deyilik və lakin 13-cü səhifədə rusca yazılan əşari çıxandan sonra deyə bilərik ki, İstanbulu və Avropa şəhərlərini görməyənlər üçün cənab Ədilxan açıq türk dilində doğru və şairanə yazdığı məlumat artıq dərəcədə mənfəətli gərək olsun. Bunu da vacib bilirik ki, camaatımıza xəbər verək ki, həmin kitabı çap etməkdə mühərrir cənablarının ümdə məqsədi budur ki, kitabdan hasil olan məbləği məsrəf etsin Gəncə gimnaziyasında məktəbi-ruhani və qeyri məktəblərdə oxuyan füqəra müsəlman uşaqlarına. Millət üçün bu ikiqat xidmətin müqabilində Ədilxan həzrətlərinə izhari-təşəkkür edirik. Kitabı tələb edənlər və bəqədri-qüvvə ehsan etmək fikrində olanlar bu ünvan ilə rücu etsinlər: Gəncə Şəhər rəisi Əsgər bəy Adıgözəlovun üstünə. q. Elizavetapolğ Qorodskomu Qolove Asker-beku q-nu Adiqezalovu “Molla Nəsrəddin”, 16 iyun 1908, № 24 * * * İzaleyi-nəcasət İranlı qardaşlar ilə bərabər İranın müsibətinə qüssələnirik. Vətən yolunda namərd cəlladların hökmü ilə şəhadətə yetən qələm sahiblərinin və qeyri mücahidlərin pak ruhuna səcdə edirik və İran məmləkətinin bu bəlalardan qurtarıb xoşbəxt olmağını səmimi qəlbdən arzulayırıq. İrana dair Molla Nəsrəddin sayağında məzəli sözlər danışmağı və məzhəkəli məqalələr yazmağı indiki vaxtda lazım görmürük, yəni uzun yazmaq üçün bir mətləb də yoxdur. Əgər bu işlərin səbəbini birisi bizdən dübarə soruşsa, biz genə qabaqlarda dediyimiz sözü deyəcəyik: İranın bu halına əvvəlinci və axırıncı səbəb bu olubdur ki, İranda indiyədək hər bir müsəlman bir özgə müsəlmana rast gələn kimi hər bir şeydən qabaq bunu soruşub: “Təqlidin kimədir?”... * * * Sözümüzü qurtardıq, amma iranlı qardaşlarımıza iki vəsiyyətimiz var: Əvvəlinci vəsiyyətimiz budur ki, əlbəttə və əlif əlbəttə İranda sakin olan əcnəbi məmləkətlərin təbəələri ilə o cür rəftar eləsinlər ki, bir nəfərin burnu qanamasın. Həmi insandustluq naminə, həmi də ondan ötrü ki, həriflərin əlinə bir bəhanə düşməsin. İkinci vəsiyyətimiz də budur ki, Məhəmmədəli şahın əsrində İran torpağında yaşamağı özlərinə rəva görməsinlər. Və Məhəmmədəli şahı özlərindən uzaq eləməyi “izaleyi-nəcasət” dərəcəsində bilsinlər, çünki bir hava ki, üfunətləndi, orada nəfəs çəkib zindəganlıq eləmək dəxi mümkün deyil. İdarədən “Molla Nəsrəddin”, 23 iyun 1908, № 25 * * * Abunə dəftərimiz açıldı Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira: Məkon zi gərdişi-giti şikayət, ey dərviş, Ki tirəbəxti əgər həm bərin nəsəq mürdi. Bununla bərabər, boş oturmuyacayıq. Əvvəla, Orenburqda işmihəmməd mollanın üsuli-cədidə rəddiyə yazdığı “İqamətül-Bürhan” kitabının intişarına və Kərbəlayı Allahverdi İrandan gətirdiyi hənanın rəvacına mümkün qədər səy edəcəyik. Saniyən, gecə və gündüz bari pərvərdigara duamız bu olacaqdır ki, Azqur məktəbini yıxmağa çalışan Axalsıxda puskovlu Molla İbrahimin ömrünü Allah tulani eləsin. Salisən, milyonçularımızın əhvalını həmişə jurnalımız vasitəsilə padşahlıq Dumanın nəzərinə yetirəcəyik ki, bu yazıqların ehtiyaclarını və kassalar qabağında çəkdikləri məşəqqətləri mülahizə edib təzə bir qərardad ilə bunlara mərhəmət eləsinlər. Rabiən və xamisən, Allah-taala cəmi mömin bəndələrə əcri-xeyir verib cəhənnəm atəşindən xilas eləsin. Amin yarəbbülaləmin. Nəqqaşlarımız: Professor Şmerlinq Xudojnik Rotter Xudojnik Qrinevski Həmişəlik yazıçılarımız: Lağlağı, 2) Qızdırmalı, 3) Cırcırama, 4) Məşədi Mozalan bəy, 5) Dəli, 6) Hərdəmxəyal, 7) Hop-hop, 8) Məşədi Sicimqulu, 9) Keyfsiz, 10) Xortdan. Müxbirlərimiz: 1)Dəmdəməki, 2) Köhnə Dəmdəməki, 3) Taraqqa, 4) Anaş qurbağa, 5) Süpürgəsaqqal, 6) Dabanıçatdaq xala, 7) Cəhrəçi xala, 8) Mirzə kəfənsiz, 9) Kəşkül, 10) Çəyirtgə, 11) Dərbənd, 12) Qırxayaq. “Molla Nəsrəddin”, 7 dekabr 1908, № 49 * * * Ədəbiyyat maraqlılarına müjdə Gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq. Abunə, yəni müştəri dəftəri açıldı. “Türk ədəbiyyatına bir nəzər” in abunə bədəli – post məsarifi ilə bərabər Rusiyanın hər tərəfində 5 rüblə, məmaliki-sairədə 7 rüblədir. Sühulət olmaq üçün abunə bədəli şu qərar ilə dəxi qəbul olunur: şimdidən 2 rüblə. Səkkizinci risaləyi-təslimdə genə 2 rüblə. On altıncı risaləyi-təslimdə genə 2 rüblə. Məmaliki-sairədən olan müştərilər üçün hər qəst 3 rüblədir. Adres: Naşir Yusifbəyzadə Nəsib q. Elizavetpol, Nasıbbeku Usubbekovu “Molla Nəsrəddin”, 14 dekabr 1908, № 50 * * * Ayineyi-millət Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908. İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub. Çapdan çıxan kitablarımızı ciddi surətdə tənqid eləmək bizim təklifimiz deyil. Bu səbəbdən həmin kitab barəsində ancaq bir neçə söz danışmaq istəyirik. Bu bir neçə sözü də danışmağımıza kitabın 27-ci səhifəsində yazılan bir kəlmə bais oldu. Kitab sahibi yazır ki, biz “indi maarif silahı ilə silahlanıb mədəniyyət meydanına Teymurxan şurada müqim Molla Əbdürrəhim Talıbov həzrətləri kimi bipərva atılmalıyız”. Burada biz başa düşmədiyimiz “bipərva” kəlməsidir. Bu “bipərva” sözünü “qorxusuz” mənasında bilirik. Əgər Mirzəzadə cənabları da bu kəlməni biz məna elədiyimiz kimi eliyir, elədə Mirzəzadə cənabları deyirlər ki, “biz gərək mədəniyyət meydanına Talıbov kimi qorxusuz atılaq”. Heç başa düşmürük, yəni heç bilmirik və eşitməmişik ki, Talıbov cənabları bir meydana qorxusuz atılsın. Əgər burada müctəhidlər tərəfindən Talıbov yazan kitabların təkfiri nəzərə alınırsa, genə başa düşmürük, ondan ötrü ki, Talıbov kitablarının hamısını bu təfkirlərdən qabaq yazıb. Əgər təfkirlərdən sora Talıbov bir ayrı kitab ilə meydana çıxıb – genə biz bilmirik. Biz ancaq bunu bilirik ki, müctəhidlərin təkfirini eşidən kimi Talıbov küsüb Bakıdan birbaş qoydu getdi əyləşdi Teymurxanşurada öz evində və Tehranda darülşurayi-milliyyə vəkil ola-ola Tehrana getmək istəmədi və getmədi. Hər şeyi lazımdır öz adı ilə adlandırmaq. Biz bunu dana bilmərik ki, Talıbov cənabları farslar üçün kitablar yazıb və bəlkə bu kitablarda yazılan bir para mətləbləri qəliz fars dilini bilənlər üçün mənfəətli tapırıq. Və lakin bunun “qorxusuz meydana çıxmağa” bircə tikə dəxli yoxdur. Genə nə qədər fikirləşirik, “meydan” əhvalatı heç yadımıza düşmür. Bəli, Talıbovun Bakı meydanında milyonçuların qabağında ikiqat olmağını da gahbir eşitmişik. Amma burada genə bir əlahiddə cürət lazım deyil. Biz təəccüb eləmirik ki; biz təəccüb eləmirik ki, bu dövlətmənd və hər bir şeydə biqeyd bir iranlı vətəninin müsibətlərindən özünü kənara çəkib ali imarətində kəmali-asüdəlik ilə otura-otura birdən görür ki, müsəlman qələm sahibləri onun adını “mücahid” qoyublar. Bu müsəlman mətbuatının cibilli xasiyyətidir. Amma biz buna təəccüb eliyirik ki, Mirzəzadə cənabları kitabının adını qoyub “Ayineyimillət”. Yəqin ki, hər bir iranlının qabağına onun millətinin həqiqi aynasını tutsan – o aynada özgə bir mücahidləri görər, nəinki Talıbovları. Kitabın 32 səhifəsinin içində biz ancaq 12, 13 və 14-cü səhifələri oxumağı mənfəətli görürük. Qalan səhifələrdə yazılan mətləblər köhnə sözlərdir. Lağlağı “Molla Nəsrəddin”, 21 dekabr 1908, № 51 * * * Leyli xanım Şahtaxtlı Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi. Əfsus! Qismət olmadı. Leyli xanım keçən il dekabrın axırlarında Şvetsariyada soyuq-dəymədən vəfat elədi. Yevropaya elm dalınca gedən müsəlman qızlarından Leyli xanımdan savayı biz özgəsini eşitməmişik. Molla Nəsrəddinin arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün bir dərddir. Jurnalımızın səhifəsini mərhumənin surəti ilə bəzədik ki, gələcək Leyli xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: Bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın? Rəvadırmı bundan sora Şvetsariyada elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş, dəxi dünyada müsəlman qızı yoxdur və bəlkə dünyada heç müsəlman yoxdur!.. Rəvadırmı?.. “Molla Nəsrəddin”, 28 dekabr 1908, № 52 * * * Köhnə il Adətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər. Bu adətə biz də əməl eləyirik. Min doqquz yüz səkkizinci ilin ərzində böyük vüquatdan biri budur ki, Avstriya hökuməti Bosna və Hersək vilayətlərini zəbt eliyib öz məmləkətinə qarışdırıb və Bakının Bülbülə kəndində bir müqəddəs seyid bir lal müsəlmanın dilini açıb və danışdırıb. Həmin 1908-ci ildə İranda Səttarxan baş qaldırıb və gəncəli Məhəmmədovların köməkliyi ilə Azərbaycana sahib olub. Peterburq şəhərində rus xanımlarının yığıncağı baş tutub və hər vilayətin və hər tayfanın arvadlarından o yığıncaqda olublar. Qafqaz xanımları tərəfindən yığıncaqda ancaq Gəncə xanımlarından altı nəfər olub və bunlar orada hüquq barəsində çox nitqlər söylüyüb və Molla Məyub yeddi yaşında bir qıza kəbin kəsib, bir nəfər Molla Əliyə verməyi barəsində çox danışıqlar olub. Rus xanımlarının bir parası deyib ki, bunun eybi yoxdur. İslam aləmində iki böyük xeyir iş üz verib: Biri budur ki, Türkiyədə cavan türklər məşrutiyyət elanı eliyiblər, biri də budur ki, Gəncənin Qazax şəhərində müsəlman uşaqlarına ölü qüslü öyrətmək üçün məscid həyətində qüslxana açılıb və ölü öləndə məşhur müəllim Kərbəlayı Əli uşaqları başına cəm eliyib onlara dərs öyrədir. Amerikada Taft adında bir şəxs cümhuriyyətlərə rəis seçilib. Həmin 1908-ci il bərəkətli il olub. Dünyanın hər bir yerində yaxşı məhsulat əmələ gəlib. Naxçıvan mahalında çox pambıq olub. Dağıstanın Axtı kəndində müsəlmanlar içində araq və pivə artıq rəvac tapıb. Bakıdan iki min manat gətiriblər ki, barı heç olmasa bir məktəb açsınlar, amma İtaliya məmləkətində Messina şəhərində zəlzələ olan kimi Axtıda məktəb pulları birdən yox olub. Musiqi aləmində genə şad xəbərlər eşidilib: Bakıda teatr yazıçılarına müsəlmanlar tərəfindən dünyada misli olmuyan hörmətlər göstərilib. Tiflisdə gürcülərin ali bir teatrı başa gəlib və nayibin sifarişinə görə Lənkərandan Çornıqoroda üç mütrüb dəstəsi göndərilib. Bu ilin abu havası hər yerdə bir cür olub. Bəzi yerdə yağış yağıb, bəzi yerdə qar yağıb. Baharda gah gün çıxıb hava xoş olub, qışda qar yağıb hava soyuq olub. Ağdaşda məktəb vəkilləri təzə müəllimə paltar veriblər ki, bir-iki gecə yatsın ki, sora özünə paltar alsın, amma naqafil gecə vaxtı vəkillər birdən gəlib biçarə müəllimdən paltarı alıb aparıblar. Bu da gedib o gecə hamamda yatıb ki, üşüməsin. Həmin 1908-ci ildə Gəncə şəhərinə təzə konsul varid olub və Mir Bağır ağa konsulun qabağına çıxıb və ağa ilə konsul İran məşrutəsi barəsində çox şirin söhbətlər eliyiblər. Bu il Səmərqənddə çox toylar olub və bu toylarda mollalar içki məclisində gözəl nitqlər söylüyüblər. Bu nitqlərin təsirindən Aşqabad cavanları o dərəcədə şəraba məhəbbət yetiriblər ki, şərabı içə-içə stəkanları da ağızlarında sındırıb tikə-tikə eləyiblər (hələ hirslərinə bax). Noyabr ayının 12-də Culfanın yanında qaçaqçılar Arazdan keçəndə on dörd tay qaçaq malı salıb qaçıblar. Bu malların hamısı İran mətaidir: iki tay seyid və mərsiyəxan əmmaməsi, bir xurcun təsbeh, bir tay ”Cameüd-dəvat” kitabı, bir dəvə yükü talaqqa, iki tay tiryək və bir çuval həna. (Mabədi gələn il 52-ci nömrədə). Lağlağı “Molla Nəsrəddin”, 28 dekabr 1908, № 52 * * * Zəng O vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik. Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər. Buna bizim heç sözümüz yoxdur, amma müəllimlərə biz bir belə təklif eləmək istəyirik: Xaçpərəst bayramının axşamından başlamış kəlisaların zəngi həmişə çalınır. Biz müəllimlərə məsləhət görürük ki, təqvimə möhtac olmasınlar və bizi də artıq xərcə salmasınlar. Həmişə kəlisanın zəngini eşidən kimi bilsinlər ki, sabah “prazdnik”dir və uşaqlara xəbər versinlər ki, dərsə gəlməsinlər. Məsələn, indi Tiflisdə müfti və şeyxülislam məktəblərinin uşaqları iki həftədir ki, küçələrdə bazar halvası axtarırlar, çünki məktəblər bağlanıb. Yəni bu qaydanı hökumət qoymuyub və qoymazdı da. Hökumət bir belə insafsız qərardadı eləməzdi ki, müsəlmanların ruhani məktəbləri xaçpərəst bayramlarını saxlasın və tətil eləsinlər. Bu qaydanı müsəlman müəllimləri özləri qoyub. Xülasə, bizə qalsa, təqvimin heç lüzumu yoxdur: elə kəlisanın zəngi çalınan kimi lazımdır bilmək ki, sabah dərs yoxdu, vəssalam. Cırcırama “Molla Nəsrəddin”, 4 yanvar 1909, № 1 * * * Molla Nəsrəddin Nankorluq yaxşı sifət deyil. Millətimizin bir neçə zəhmət və xidmətini danmaq təcrübəli yazıçımıza yaraşmasa gərək. Hərçənd hey eşidirik ki, Molla Nəsrəddin niyə həmişə öz millətinin qüsurunu yazır, amma ermənilərin, firənglərin, ingilislərin əskikliklərini heç yazmır, – deyirlər. Amma bunları zarafat hesab edirik, çünki biz millətimizi illər uzunu mədh edib durmuşuq. Bu dörd ildə müsəlmanlar çox şey qazandılar: müsəlman-erməni davası oldu, çox şəhərlər, kəndlər qazandıq. Hətta bu sayədə aclara yığılan puldan çox adamlar sərvət qazandılar. Bu dörd ildə müsəlmanlar çox şey istədilər: istədilər ki, müsəlman qəzetələri arvad məsələsindən heç danışmasınlar, arvad cəmiyyəti bir yerdə baş verən kimi vurub dağıtsınlar. İstədilər ki, bir-iki qara, qırmızı saqqallı mollanın xatiri üçün yazıçılar təfkir edilsin, hamı üsuli-cədidçilərin ağızları bağlansın. Bu dörd ildə çalışdıq ki, molla məhəmmədəminlərin, şamaxılı şeyx Həmid paşaların, qubalı molla Hacı babaların, ordubadlı mir mürtəzaların nüfuz və sərvəti artsın. Bu dörd ildə biz çox şeylərə nail olduq: seyid fabrikalarımız çoxaldı, İran konsullarının hümmətindən tiryək və mərizxanalardakıların sanı artdı, Ağdaşda, Mərvdə hacı və axundların evlərində fahişəxanalar açdıq. Qafqazdakı iranlı, türk məktəblərində türk dilini boykot elədik. Xülasə, nə istərsən bizdə olmadı; hə, az daha yaddan çıxaracaqdım, hamıdan əlası Molla Abasqulu kimi möhtərəm və vüqarlı bir şəxs şeyxülislamımız oldu. ”Molla Nəsrəddin”, 11 yanvar 1909, № 2 * * * Qənimət Amma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır: Əzimətsən, əzimətsən, əzimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Pəh, pəh, pəh, hələ bu cür şairləri görə-görə Hop-Hop da, Əbunəsr Şeybani də və Məşədi Sicimqulu da deyirlər ki, biz şairik. Zarafat kənarda qalsın, amma “Din və məişət” jurnalı da doğrudan qənimətdir. Həmin əvvəlinci nömrəsində teatr oynayanlar barəsində jurnal bir doğru təkfirnamə yazıb deyir ki, müsəlman teatrçıları şəriətə xilaf olan teatr tamaşasını mömin müsəlman içinə gətirmək ilə Allah bəndələrini yoldan çıxardırlar. Əlbəttə, bu sözlər səhihdir və əlbəttə, bir belə yazıçı müsəlmanlar üçün qənimətdir. İndi dəxi bundan sonra dağıstanlı fəzilətli Əlqədari cənabları və bunun kimi qeyr üləmamız çox da özlərindən deməsinlər, çox da qızlarımızın oxuyub müəllimə olmaqlarına çalışmasınlar, yoxsa mən “Din və məişət”in mollalarını çıxardaram onların müqabilinə, onda görüm nə cavab verəcəklər. Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Mən qorxuram bəzi qəlbiqara cavanlarımız inanmayalar ki, iyirminci əsrimizin içində “Din və məişət” kimi “falnamə”lərə Sədiqül-əmini kimi axmaqlar zəhmət çəkib belə uşaq oyuncağı mədhnamələr yazalar. Amma dünyada hər bir şey ola bilər, xülasə: Qənimətsən, qənimətsən, qənimət, Yaşa, ey möhtərəm “Din və məişət”. Əzimətsən, məzimətsən, nəzimət, Yaşa, ey möhtərəm cin və qəmişət . Cırcırama “Molla Nəsrəddin”, 18 yanvar 1909, №3 * * * Mətbuat Misirdə çıxan erməni qəzeti ”Yeni fikir”dən: İndiyə qədər osmanlı tayfalarının yekdigərindən mütəfərriq qalması məhzən “müsavat” sızlıqdan irəli gəlib, ya əfrad arasında şəxs etibarilə və ya tayfalar arasında irq etibarilə müsavatsızlığa dəlalət edəcək əhvalın cümləsi ittihadi-osmanlının qüvvətlənməsi əməlinə müxalifdir. ”Molla Nəsrəddin”, 18 fevral 1909, №6 * * * Zəncir “Tərcüman” qəzetinin dediyi kimi, bilmirəm bizim Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada, hər yerindən qalxan millətin qabağa getməsini müsəlmanların əlifbasına, imlasına isnad edərək, bunların başına gətirdikləri oyun qalmır. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə törüyorlar. Bu sözləri yazır “Tərəqqi”nin 31-ci nömrəsində Əlibəy Hüseynzadə cənabları. Doğrudur, Qafqazda çox qəribə hal var; amma tək bir Tiflis deyil, Qafqazın Bakı şəhərində də qəribə bir xasiyyət var ki, hər bir əhli-qələm Bakı şəhərinə daxil olur, bir kəlmə söz ilə də, bir işarə ilə də istəmir “cərgədən” bir qədəm kənara çıxsın və yazdıqlarını əvvəl bir qoyur qabağına və öz-özü ilə məsləhət eləyir ki, “görüm bu yazdıqlarım qoçu-başılarına, mərsiyəxanlara və qəssablara xoş gələcəkmi?”. Elə ki, görür “xoş gələcək” – götürüb verir mətbəəyə ki, düzüb çap eləsinlər. Bu sözlər dəlilsiz deyillər. Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakıdadırlar. Tiflisdə və qeyri şəhərlərdə ancaq Mirzə Fətəli və Şahtaxtinski kimi xırda-mırda yazıçılarımız olub. Nə vaxt Bakıda təzə söz, təzə bir fikir, təzə bir məsələ ortaya qoyulub? Tutaq ki, bu məsələləri qalxızanlar “hər bir yerindən qalxan olub”, bəs məsələlər özləri necə? Biz inana bilmərik ki, məsələn, hicab məsələsini Hüseynzadə cənabları o cür başa düşür, necə ki, içində yaşadığı Bakı camaatı? Amma Bakı camaatı bunu bilmir; o səbəbə bu barədə Hüseynzadə cənablarını da öz “cərgəsində” görür. Qızlarımızı 9 yaşında ərə verib, məktəb əvəzinə bir pəhləvanın otağına köçürtmək məsələsi düşüb. Nə danışıblar bu barədə Bakı alimlərimiz? Yoxsa bunlar hamısı xırda işlərdir? Tiflis “yerindən qalxanları” əlifba məsələsi başlayıblar. Başlayanlar hələ heç, bəs məsələnin özü necə? Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməyinə fitva vermir; ondan ötrü ki, Bakıda otura-otura belə sözü birdən-birə danışmaq olmaz. Bakıda ancaq müəllimlərin kitablarının bir neçə qüsurunu bəhanə eləyib Abdulla Cövdətdən izn almamış yazdıqları kitabın üstünə çəkmək olar. Biz buna təəccüb eləmirik. O şey ki, biz ona təəccüb edirik – budur: Əgər yer üzündə cəmi millətlərin əlifbasını qabağımıza qoysaq, baxıb görərik ki, qədim farsların “mixi” yazılarının, hindlərin “divanaqari” əlifbasının, yaponların “katakana” əlifbasının, ermənilərin, yəhudilərin, rusların “kiril” əlifbasının və bütün Avropa əlifbalarının içində tək bircə biz işlətdiyimiz “nəsx” (ərəb) əlifbasıdır ki, başda yazılan hərflər bir cür yazılır, ortada bir özgə cür, axırda bir özgə cür və əlahiddə yazılanda da bir cür yazılır. Mən elə qanıram ki, bu cür əlifbanın sahibi bəlkə “heroqlifə” də gərək şükür eləsin. Təəccüb ki, Hüseynzadə cənabları bu barədə bir söz danışmır!.. Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”; amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. Bunun eybi yoxdur. Bizə mümkündür bu şəkdən çıxmaq; amma bu cür təzə xəbəri verən gərək unutmaya ki, indi “Tərəqqi”də bu mücdəni eşidən uzun ətəklər çıtmıq çalıb oynayırlar. Hüseynzadə cənabları deyirlər ki, əlifbanın çətinliyi tərəqqiyə mane ola bilməz və buna da yaponiyalıların mədəniyyətinin “övci-balayə” çıxmaqlarını dəlil gətirir. Əvvələn, məqalə sahibi oxuculardan bunu gizlədib ki, yaponiyalılar bu saat bu fikirdədirlər ki, qədim əlifbaları ilə yazılmış kitablarını cırıb yandırsınlar və “latın hürufatını işlətməyə başlasınlar (Qranatın qamusül-əlamı, cild 8, səhifə 5346). Bundan belə anlaşılır ki, hələ yaponiyalılar “Övci-balayə” çıxmayıblar; çünki indi övci-baladə olmuş olsalar, elədə təzə əlifbanı qəbul eləyəndən sonra gərək uçub qalxalar havaya. Saniyən, tutaq ki, mən gördüm mənim yoldaşım ayağında zəncir “bir fənd” ilə çıxıb bir divarı aşdı o tərəfə, məgər dəxi mən ayağımdakı zəncirdən xilas olmağa gərək çalışmayam? Əlifbanı akademiyalar dəyişməz və əsərlərini Əbdülhəmidxan Saniyə “təqdimi-naçizi-übudiyyətkaranə” edən Şəmsəddin Sami kimi “ərbab bulunan zəvat” dəyişməz. Ərbablar və akademiyalar əlli və yüz ildən sonra görəcəklər ki, Mirzə Fətəlilər, “qospodin” Şahtaxtinskilər yuxudan gözlərini açan qırmızı saqqallıların himmətilə əlifbanı dəyişiblər. Tutaq o vədə akademiyalar və “ərbablar” bir az güləcəklər; amma belə işlər tarixdə görsənən bir haldır; XVII əsrdə ən şöhrətli təbib professor Riolan inana bilmirdi ki, Qarvey kimi bir naməlum şəxs bədəndə qanın hərəkətinin qanununu və hikmətini kəşf edə bilər (Pisarevin “Əsərləri”nin 4-cü cildində, 474-cü səhifədə belə təmsillər çoxdur). Bu sözləri yazandan sonra biz özümüzü borclu bilirik bunu deyək ki, “İkinci il” kitabının Hüseynzadə kimi bir ədibin tərəfindən tənqid olmasına biz kitab sahibləri ilə bir yerdə hər halda təşəkkür etməliyik və haman tənqiddə göstərilən qüsurların bir neçəsini təsdiq eləyirik. Bu bəsdir. Dəxi bu barədə bundan artıq danışmağa məcmuəmizdə yer yoxdur. Lakin ümidvarıq ki, yoldaşımız Nemanzadənin bu xüsusda dəxi təfsilli cavabını oxucularımız “Tərəqqi”də oxuyalar. “Molla Nəsrəddin”, 15 fevral 1909, № 7 * * * Qoqol Bu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”. İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər. İndi mənim fikrimcə bir belə şey gəlir: söz yox, Köçərli cənablarının açıq və mənalı məqalələrindən, Üzeyir cənablarının şirin tərcümələrindən və qeyri yazıçılarımızın Qoqol barəsində verdikləri məlumatdan oxucularımızın həmin yazısını bir növ tanıdılar və bəlkə yaxşı tanıdılar; amma mən bunu istəyirəm deyəm ki, yenə bununla belə, yəni bu yazı-pozuların varlığı ilə, rus dilini bilməyən oxucularımız indi hələ yenə bilmirlər ki, bu yazıçının adı nədir. Məsələn, yazıçılarımız yazıblar “Qoqol” və elə xəyal eləyiblər ki, bu sözü cəmi müsəlmanlar o cür oxuyacaq, necə ki, mərhumun elə əsl adıdır. Demək, məqalə sahiblərimiz bircə şeyi yaddan çıxardıblar; bircə bunu yaddan çıxardıblar ki, Qoqolun barəsində yazdıqları məqalənin başında gərək bir belə “xəbərdarlıq” eləyəydilər ki, ey müsəlman qardaşlar, yüz il bundan qabaq Rusiyada bir şəxs anadan olub və rus məmurlarının barəsində bir elə komediya yazıb ki, onu də adam oxuyanda elə bilir ki, Naxçıvana, Şuşaya və bütün Qafqaz kəndlərinə və balaca şəhərlərə hökumət tərəfindən “revizor” gəlir. Qərəz, sözüm burada deyil. Mən deyirəm ki, məqalə sahibləri bu sözlərdən qabaq gərək camaata deyəydilər ki, ay müsəlman qardaşlar, bu ədibin barəsində mən sizə çox söz yaza bilərəm, mərhumun adını necə yazım ki, siz oxuya biləsiniz? Mən yazıram ki, “Qoqol”. Bəlkə Allah rast sala bir adam bu sözü elə oxuya, necə ki, şairin adıdır; amma bilirəm ki, biriniz bir cür oxuyacaqsınız, biriniz özgə sayaq oxuyacaqsınız, biriniz bir başqa tövr oxuyacaqsınız və axırda belə məlum olacaq ki, biçarə yazıçının adını siz müsəlman qardaşlar 144 cür oxuyubsunuz. Elə bircə bunu demək istəyirdim; demək istəyirdim ki, qələm sahiblərimiz hər nə yazırlar yazsınlar, – çox sağ olsunlar; amma bunu gərək yaddan çıxarmasınlar ki, hələ indi müsəlmanlar yenə Qoqolun adını bilmirlər. Bunu heç kəs gərək yadından çıxartmasın. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 5 aprel 1909, № 14 * * * Oxucularımıza Keçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin. Bəs hanı o şairimiz? Kəmali-yəslə cavab veririk ki, haman şairimiz neçə aydır ki, yorğan-döşək içində xəstədir. Möhtərəm oxucularımızın nəzərinə bu mətləbi yetirmək istəyirik ki, əziz ədibimiz xəstəliyinə bərabər nəinki müalicə xərcinə, bəlkə adi yövmiyyə məsarifinə möhtacdır. Lakin bu xüsusda nə özü, nə onun dost və əqrəbası qəm etmirlər. Ondan ötrü ki, dünyada ən seçilmiş və əsrlərcə yaddan çıxmayan qələm sahibləri gündəlik ruzuya möhtac olublar. Buna görə belə ədiblərimiz nə qədər bizim üçün qiymətlidirlərsə bir o qədər də bizlərdən ianə gözləməyə ixtiyarları vardır. Bunu da deyə bilərik ki, bu neçə ayın müddətində dostların köməkliyi ilə möhtərəm şairimiz müalicə olunubdur, ancaq xəstəliyi şiddətli olduğundan lazımınca nəzir olmayıbdır. Bu sözləri yazmaqda məqsədimiz bu mətləbi oxucularımıza və aşnalarımıza yetirməkdir, keyfiyyəti bilsinlər və biləndən sonra öz borclarını yerinə yetirə bilsinlər. Xəstə bu heyndə Şamaxı şəhərindədir. İanə göndərmək xahiş edən qardaşlar “Molla Nəsrəddin” idarəsinə müraciət edə bilərlər, bizim də təklifimiz bu olacaq ki, göndərilən ianəni buradan yola salaq Şamaxı şəhərində məşhur və möhtərəm tacirlərimizdən Hacı Əbdürrəhim Səmədov cənablarına ki, muşarileyh də Mirzə Abbasqulu Səhhət vasitəsilə xəstəmizə yetirsin. İanə verənlərin adlarını və ianələrin qədərini borclu oluruq hər dəfə məcmuəmizdə və bundan sonra Bakıda çıxmalı olan əvvəlinci gündəlik ruznamədə çap edək. Molla Nəsrəddin idarəsi tərəfindən. “Molla Nəsrəddin”, 23 aprel 1911, № 15 * * * Heç bilirikmi? Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik. Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq... Bu nədir? Vallah, mən bu məsələni çoxdan fikir eləyirəm: burada mən heç özgə bir şey görmürəm məhz özümüzü aldadıb ələ salmaqdan savayı. Bax, təvəqqə edirəm bir zaiqəyə tapşırasınız: axır Mirzə Fətəli kimdir? Bəli, yazıçıdır. Çox gözəl, sözüm yoxdur. Mirzə Fətəli nə yazıb? Bəli, komediyalar, yəni məzhəkəli təmsillər yazıb. Yaxşı, heç sözüm yoxdur. Vaqeən çox gözəl yazıb. Avropanın molyerlərindən, Rusiyanın qoqollarından pis yazmayıb. Və əgər Rusiyada və Avropada Qoqol və molyerlərə yadigar bina etmək lazımsa, onların adlarına cəmiyyətlər təsis eləmək rəva görünürsə, Mirzə Fətəli dəxi də artıq hörmətlərə layiqdir. Amma bircə şey var. Həqiqət, çox vaxt mənə yəqin olur ki, biz özümüzü oynadırıq, çünki bircə dəqiqə necə ki, lazımdır diqqət edib bilək ki, Mirzə Fətəli Axundov kimdir, haman saat xəcalət çəkib yerə girərik. O səbəbə ki, Mirzə Fətəli Axundov o kəsdir ki, dünyada əvvəlinci olaraq, əvvəlinci dəfə müsəlman övrətini teatr səhnələrinə çıxardıb ki, kişilər gəlib hərəsi birmanatlıq, ikimanatlıq bilet alsın, Şərəbanı xanımlara, Şərəfnisə xanımlara tamaşa eləsin. Məsələn, gör nə cür qəflətdəyik ki, küçədə bir nəfər bakılı eşidə ki, bu gün teatrda bir nəfər müsəlman övrəti çıxıb teatr göstərəcək, haman bakılı dünyanı dağıdar: “Pəh, nöşün, arvad da teatra çıxar? Arvad da kişiyə görünər?” Amma haman bakılı gedir Mirzə Fətəlinin adına tərtib olunan məclisə, orada mərhumun naminə çəpik çalır, mərhuma rəhmət oxuyur və cavanlara səs verib çığırır: “Mərhəbalar olsun Mirzə Fətəliyə”. Amma bunu bilmir ki, Xanpəri xalanı teatra çıxardan əvvəl dəfə Mirzə Fətəli olubdur. * * * Hicab, hicab, hicab. Bu da sənə hicab. Di get, ta nə danışırsan? Bəs niyə bir vaxt Molla Nəsrəddini didib tökürdün, indi ki, Mirzə Fətəliyə fəxr eləyirsən? Hələ Molla Nəsrəddin heç bunu demirdi ki, balaca Gülçöhrədən başlamış dünyada hər nə yaşda arvadlar var, hər nə xanımlar var, hamısı teatra çıxıb oyun oynasın. Göyərçini İrəvanda müsəlmanlar istəyirlər öldürsünlər, amma bunu bilmirlər ki, Göyərçini teatra çıxaranın şöhrəti indi nəinki müsəlman aləmini basıb, bəlkə Avropa dillərində bunun ismi söylənir. Mirzə Fətəli Axundovu müsəlman içində çoban da eşidib, padşahlar da bilir. Mərhumun kitabları Avropa dillərinə tərcümə olunanda müctəhidlərimizin kəndiri şiələrin boynuna ancaq çatırdı, amma Mirzə Fətəli tək bircə risalə də yazmayıb ki, aftaba götürəndə bizim üçün düsturül-əməl olsun. * * * Ax, vallah, danışdıqca adamın dərdi artır. Bax, indi məhərrəmlikdir: məscidlərdə müsəlman qardaşlar dəstə-dəstə düzülüb sinəzən oxuyurlar. Bu kimdir? Qarabağlı dəstəsidir. Bu kimdir? Təbrizli dəstəsidir. Bu kimdir? Məməqanlılardır. Bunlar dəstə-dəstə əyləşib sinəzən oxuyurlar. Nə olardı ki, bu sinəzənlərin də bir neçəsini mərhum Mirzə Fətəli yazmış olaydı! Niyə, məgər qabiliyyəti yox idi? Məgər Racidən əksik təbi-şeri var idi? Niyə yazmırdı? Bəs şair deyildi – niyə İran vəzirlərindən şikayətçi olduğunu elə bir nəzmə çəkib ki, Firdovsidən seçilmir? Hələ bir baxın, görün bu nə şikayətdir eləyir ki, nə bilim, mən gərək təzə əlifba düzəldəm; köhnə hürufatnan yazmağı boşlamasaq, bu gün də olmasa, sabah qonşular tökülüb vətənimizi alacaq. Məsələn, Köçərlinin kitabını bir oxuyun görün, mərhum Mirzə Fətəli nə yazır: Neviştəm yeki nameyi-dilpəzir Benami-vəzire ülum əz əbir. Əlifbayi nora nişan dadəməş, Dəre nov bəfirdövs begüşadəməş, Nədanəm məgər himmətəş pəst bud, Nədanəm məgər ruzi-şəb məst bud– Ki nadad bər mən cəvab in vəzir Nəşod bər muradəm məra dəstgir. Vəziri-digər dər ləbi süfte bud, Dər in məsələ rəyi-xud güftə bud– Ki ma xəlqe-İran zixurdi bozörg Zigəbrü zitərsa, zifürsü zitürk. Həme zirəkü mərifət pişəim, Zifərti-zəkavət porəndişəim. Zidişvariyi-xət nədarim bak, Bekuran sezəd rəhnuma əz məcak Nəgirim növxətt əz hiç kəs– Ki mara xətü zehni-ma həst bəs. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 4 dekabr 1911, № 43 * * * Milli bayram Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam. Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular. Axşam da camaat yığışdı teatra (bax, bu lap nahaq) və burada erməni və gürcülərin vəkilləri və genə bəzi cəmiyyətlərin nümayəndələri müsəlmanları təbrik etdilər. Firudin bəy Köçərli də başladı türk dilində uzun nitq söylədi, mən hərçənd dedim ki, axır ay balam, bura hara, türk dili hara, axır bir bax gör bu teatra cəm olan iki yüzə qədər üzüaçıq müsəlman xanımlarının hansı sənin türk dilini qanacaq? Xülasə, sözümə baxmadı, odur ki, danışdığı yerdə səhnənin dalından işarə elədilər ki, bir az müxtəsər eləsin, çünki rusca yazılan nitqə vaxt qalmaz. Hərçənd türkcə başa düşənlər Köçərlinin sözlərindən ləzzət apardılar, amma müsəlman xanımlarının acıqları gəldi: çünki Köçərlinin sözlərini onlara tərcümə edən yox idi. Sonra rusca nitq oxudu, bir uzun kağıza yazılmışdı, haman nitq başlandı oxumağa. Məni də nataraşdan yuxu tutdu. Teatr isti, sağ-solda müsəlman xanımları, hamısı da kişilər ilə danışırdılar. Qərəz, məni yuxu tutdu. Yuxuda gördüm ki, mərhum Mirzə Fətəlinin anadan olmağının ikiyüzillik yadigar bayramıdır, haman teatr doludur müsəlmanlar ilə, orada birisi nitq söyləyir və deyir ki, “ax nə olaydı ki, barı mərhumun bu məclisdə bir oğlu, ya qızı olaydı, gedib onu ziyarət edib əlindən öpə idik”. Yuxudan ayılıb gördüm ki, genə haman rusca yazılan nitq oxunur. Dedim bəlkə axırda bir natiqin yadına düşər ki, bu teatrda lojaların birində mərhum Mirzənin doğma qızı əyləşib. Amma bir kəs bu barədə ağzına bir söz alıb danışmadı, çünki Hatəmxan ağa yarım saat bundan qabaq gəldi çıxdı haman səhnəyə və mərhum Mirzə Fətəlinin üstünə bərk qeyzlənib dedi ki: “Sən necə cürət eləyib xalqın arvadlarının adını kitaba yazırsan?!”. Və ola da bilməzdi ki, müsəlman məclisində övrət adı çəkiləydi; istər mərhum Mirzə Fətəlinin qızı olsun, istər özgəsi olsun. Qardaş, zarafatı qoy kənara, bura müsəlman məclisidir. Burada elə sözləri danışmaq olmaz. Xülasə, belə keçdi. Dəli “Molla Nəsrəddin”, 11 dekabr 1911, № 44 * * * Jurnalımıza abunə yazılmaq şərtləri Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə. Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar? Mən arzu edərdim ki, belə danışıqlar ortalıqdan götürülə idi. Səbəb budur ki, əvvəla, dünyada qəzetin, jurnalın və kitabın heç bahası-ucuzu yoxdur – hər birinə nə qədər pul verə bilsən – ucuzdur. İkinci budur ki, indiki əsrdə pul özü hər bir şeydən ucuzdur və üçüncü də budur ki, müsəlman yazıçısı yazdığı kitabı ya qəzeti nə qədər baha qiymətə satsa, genə axırda farslar demişkən, “həmmali-bimüzd” və türklər demişkən “aldım qoz, satdım qoz” olacaq. Jurnalımızın qiyməti: Bir ilin müddətində (yəni əlli iki nüsxəsi)... on manat. Yarım ilin müddətində (yəni iyirmi altı nüsxə).. beş manat. Üç ayın müddətində (yəni on üç nüsxəsi)... iki manat yarım. Tək nüsxəsi idarədə 20 qəpik, satıcı əlində 25 qəpik. Biz “bismillah” deyib jurnalı başlayırıq və abunə elanını da edirik və lakin illik və yarımillik müştərilər bilməlidirlər ki, idarəmizə göndərilən pul əvvəl-axır öz yerinə çatacaq, yəni haman pula jurnal göndəriləcək və ehyana jurnalımız bəzi səbəbdən yana təxirə düşsə də, genə müştərilərin jurnalı geci-tezi müştəriyə göndəriləcək, necə ki, indiyə kimi belə də olubdur. Və Allah şahiddir ki, heç bir müsəlman qardaşın pulu idarəmizdə tələf olmayıb və əgər birinin az-çox haqq və hesabı yaddan çıxıb qalmış olsa, xəbər versin kifayət verək. Amma bunu da ərz edə bilərik: bir para müsəlman qardaşlarda da az-çox nisyəmiz var. Onlardan da xahiş edirik ki, borclarını yerinə yetirsinlər. Tiflisdə jurnalımız satılır və abunə qəbul olunur müsəlman bazarında “Şərq” kitabxanasında. Müdir və mühərrir: Cəlil Məmmədquluzadə. “Molla Nəsrəddin”, 16 fevral 1917, 32 * * * Cümhuriyyət (Respublika) Vətəndaşlar! Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir. (Borcumuz) Vətəndaşlar! Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, taki bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından və əhvalından bəqədri-imkan xəbərdar olsunlar. (Mənası) Vətəndaşlar! Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri. (Tarixi) Pis olmaz ki, cümhuriyyət deyilən üsuli-idarənin tarixini də müxtəsər surətdə yada salaq. Vətəndaşlar! Cümhuriyyət üsul, idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar və lakin həmin qədim zamanlarda bir tərəfdən ağalıq və digər tərəfdən qulluq o dərəcədə idi ki, ədalətin və müsavatın yoxluğundan və ümumiyyətcə millətlərin avamlığı bərəkətindən qədim cümhuriyyət idarələri davam edə bilmədilər. Axirül-əmr nadan məxluqat öz yaxalarını yenə zalım padşahlar ixtiyarına verdilər. Qədim əsrlərdən keçəndən sonra gəlib çıxırıq orta əsrlərə və burada cümhuriyyəti görürük Şvetsariya məmləkətində. Bu həmən cümhuriyyətdir ki, indi də davam edir. Təzə əsrimizin cümhuri hökumətlərinin biri Amerika cümhuriyyətidir ki, tarixi-miladiyyənin XVIII əsrinə kimi ingilis hökumətinə tabe idi və məhz, XVIII əsrdə ingilisdən ayrılıb, “Cəmahiri-müttəfiqə” adı ilə şöhrət tapdı ki, rusca dəxi deyilir. Severo-Amerikanskie Soedinennıe Ştatı. Amerikadan sonra gəlib çıxırıq Firəngistana ki, burada üç dəfə inqilab üz verəndən sonra axırda cümhuriyyət idarəsi payidar olub, həmişəlik möhkəmləşdi. Firəngistan inqilabları ittifaq düşüblər birincisi miladiyyə tarixinin 1789-cu ilində, ikincisi 1848-ci ilində və axırıncısı 1870-ci ilində. Firəngistandan da keçdikdə Amerikanın orta və cənub məmləkətləri və habelə Portuqaliya və Braziliya padşahlıq idarəsini dəyişib, cümhuriyyət qəbul ediblər. Bu saydığımız cümhuriyyətlərdən savayı, necə ki, Afrikada, habelə də Avstraliyada kiçik cümhuriyyətlər var ki, onların hamısını burada saymağın lüzumunu görmürük. (İdarə) Vətəndaşlar! Qabaqda ərz olunub ki, cümhuriyyət üsulu mocibincə məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir. Cümhuriyyətlərin bəzisində vəzirlər məhz prezidentə tabedirlər; bəzi cümhuriyyətlərdə vəzirlər məclisi-məbusana tabedir. Bəhərhal, xah vəzirlər, xah bunların rəisi hesab olunan prezident millətin yanında cavabdehdirlər. (Seçki) Vətəndaşlar! Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var, odur ki, cümhuriyyət seçkisinə dördüzvlü, yainki dördhissəli seçki də, deyilir: Bu şərtlərin əvvəlincisi ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkiyə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır. Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır; yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir. Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn, kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin. Dördüncü şərt seçkinin gizli olmağıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi. Çünki aşkardır ki, çox adam var ki, utanmağı və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəyi verir. (Azadlıqlar) Vətəndaşlar! Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı; yəni hər bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tollayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə ixtiyarı yox idi. İkincisi – yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz. Üçüncü – birləşmək azadlığıdır. Dördüncü – çap eləmək, beşinci – danışmaq, altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtədbir olmaqdır. (Axırı) Budur cümhuriyyətin ən vacib əsasları! Vətəndaşlar! Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə! Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü! Vətəndaşlar! Əgər bizdə insanlıq hissi hələ ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət! Axırı Bahar, 1917-ci ildə, Tiflis * * * Vətəndaşlar Şükür Allaha, qurtardıq! Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən. Qurtardıq kənd yüzbaşılarının tatarından, qurtardıq strajniklərin şallağından, xilas olduq min-min zalımların zorbazorluğundan. Şükür Allaha ki, qurtardıq. Məlumdur ki, bu xoşbəxtlik, bu azadlıq göbələk kimi yerdən göyərməyib: bunu qazanan var. Məlumdur ki, müftəcə heç bir şey ələ gəlməz. Məlumdur ki, dağ kimi Rusiya istibdadını yıxmaqdan ötrü minlərcə başlar işləyib, minlərcə canlar tələf olub. Və min şükürlər olsun ki, axirül-əmrdə xoşbəxt olduq və ölmədik ki, bu günləri gördük. Lakin müftə deyil: bunun müqabilində bizim təklifimiz var. Biz borcluyuq var qüvvəmizi o yolda işlədək ki, məmləkətimiz sakit və səlamət olsun. Gərək biz müsəlmanlar da hamıya bildirək və göstərək ki, bizə qaradovoy lazım deyil. Gərək biz elə rəftar edək ki, qeyri millət içində xəcalət çəkməyək. Gərək müsəlman ölkələrimiz elə bir dinclik və fəraqətlə dolanalar ki, köhnə zalım hökumətin tərəfdarları dinməyələr ki, “bax, müsəlman pristavsız yola getməz”. Vətəndaşlar! Bizim azadlığımız yolunda məşəqqət çəkən hürriyyət pəhləvanları, yəni bizim sevgili məbuslarımızın vəsiyyəti budur: Sakitlik və yenə də sakitlik. Hər nə dərdimiz var, hər nə ehtiyacatımız var, hər nə dini məsələlərimiz var, – hər birisi öz vaxtında danışılacaq və öz rəyimizcə həll olunacaq. Və lakin hələlikdə bu saat rahat dolanmaq lazımdır. Vətəndaşlar, sizədir ümidimiz, sizədir sözümüz, müsəlman qardaşlar! Sakitlik və asayiş! Budur istəkli məbusumuz Cəfərov cənablarının sizə vəsiyyəti. İdarədən “Molla Nəsrəddin”, 23 mart 1917, № 7 * * * İdarədən Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək. Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir. Digər tərəfdən də müştərilərimiz bunu həmişə nəzərdə saxlamalıdırlar ki, biz əvvəl və axır hər bir abunə sahibi ilə nömrə hesabı ilə hesablaşacayıq, nəinki ay və il hesabı ilə, yəni açığı budur ki, jurnalımız hər necə təxirə düşsə də, axırda genə hər bir kəsə öz puluna görə jurnal vüsul olacaq, yəni on manat sahibinə 52 nüsxə, beş manat sahibinə 26 nüsxə və iki manat yarım sahibinə 13 nüsxə göndəriləcəkdir, xah jurnal öz vaxtında çıxdı, xah təxirə düşdü. Bəhərhal, öz səy və qeyrətimizi bu barədə bir zərrə qədər də müzayiqə etməyəcəyik və etmənik də, inşallah. İdarə tərəfindən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”, 20 aprel 1917, № 10 * * * İdarədən bir neçə söz Səfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi. Niyə, nədir bunun səbəbi? Əlbəttə, səbəbsiz deyil, burada söz yox ki, bir hikmət var, yəni vallah heç hikmət də yoxdur. Əsl mətləb buradadır ki, qardaş, vallah yer üzünü bədəməl və binamaz bürüyüb; xalq hamı dönüb şeytana, məlunə. Dəxi Allah-taala nə eləsin? O da baxıb görür ki, cəmi-məxluqat bicləşib: nə müsəllaya çıxan var, nə düa-səna edən var. Yəni eləsələr də, nə mənası? Çünki müsəllanın öz şərt-şürutu var. Həqirin bu sözlərinin sübutu üçün götürün Səmərqənddə çıxan “Hürriyyət” qəzetini və dördüncü və beşinçi nömrələrində çap olunan fazili-muxtar Hacı Mirzə Bərat Mirzə Muradzadə təbibin müqəddəs məqaləsini nəzərinizdən keçiriniz və görünüz ağa nə yazır. “Yeki əz bəradərani-dini göft ki, çənd məratibə becəhəti-baran və düayi-baran ba cəmaeyi-müslimin rəftim, düaha beicabət nərəsid, bexatiri-həqir həmin məsələ nifaq xütur kərd. Hekayəti-qəti-baran dər zamani-həzrət Musa əleyhüssəlam və tələbi-baran-nümudəni peyğəmbəri-xüda səlləllahü-əleyh və alihi və beicabət nərəsindəni-düayian həzrət besəbəbi-yeknəfər nəmmam, yəni süxənçin bud ki, hekayəti-an inəst. Dər zəmani-həzrəti-Musa səlləllahü-əleyh və alihi sali baran nəyaməd. Cəmaeyi-israiliyan amədə, ərz kərdənd, həzrəti Musa bəxəvasi-əshabi ruzə, nəmaz, istisqa və düayi-istisqa nümud, baran nəyaməd. İstiqasə bədərgahi-ilahi nümud. “ilahi! Məra kəlimi-xud xandi. Ru bədərgahi-tö avördəm. Məra məyus nəkon. Xitab rəsid ki, ey Musa, dər miyani-in cəmiət yek nəfər münafiq və nəmmam həst, ta ura birun nəkoni düayi-tu müstəcab nəxahəd şod. Pəs ma biçarəgan bein həmə nafərmani və in həme nifaq və süxənçini, mixahim düayi-man müstəcab şəvəd. İn nist məgər əz tərki-əmr beməruf və kəsrəti-nifaq... “ Bəs, əzizim, Səfeh şamaxılı, bir gör ağa nə yazır: bizim bədbəxtliyimiz özümüzdəndir; ondandır ki, içimizdə nəmmam çoxdur, çoxdur, çoxdur; qardaş, çoxdur, yoxsa içimizdə nəmmam [...] duamızı eşidib hər nə istəsən bu gündən sabaha qoymayıb göndərər. Yağış istəsən–yağış göndərər, qar istəsən–qar göndərər. Ancaq işləri xarab edən o haramzada nəmmamlardı ki, müsəllamızı xarablayırlar. Yoxsa sən demə ki, indiki əsrdə Mirzə Bərat kimi fazillərimiz baha pula alınan kağızlarımızı belə-belə moizələrlə doldurur. Yox, yox, bizi mədəni millətlərdən geri qoyan fazillərimiz deyil, onlar qara camaata ilqa edən belə-belə qış kürsüsü nağılları deyil, ancaq müsəllaya çıxan camaatın içində gəzib dolanan münafiqlərdir. Dəxi bundan başqa özgə bədbəxtliyimiz yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 12 may 1917, № 12 * * * İdarədən Məktub sahibinə ərz olsun ki, həmin şəkli bizə çəkdirən şəxs Təbriz əhli idi ki, Tiflisdə bir gecə qalıb, Bakı təriqi ilə yollandı Məşhədi-müqəddəsə. Adını soruşduqda cavab verdi ki, əsil adımın sizə lüzumu yoxdur, amma təxəllüsüm Rza Xorasanidir. Həqiqət biz özümüz şəkkə düşdük və şəkli bu surətdə qəbul eləmək istəmədik, amma müşarileyh belə cavab elədi: getdiyim ağaya and içirəm ki, bu şəkil demokrat firqəsinə toxunmur. Bununla bərabər idarəmiz əhd edir ki, bundan sonra vəkilimiz və dostlarımız tərəfindən təsdiq olunmamış mətləbləri jurnalımızda dərc etməyək. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 noyabr 1917, № 24 * * * Arvad məsələsi Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əllillik müddətdə haman ingilis parlamanında azından iyirmi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır, Yevropada həll olunmayıbdır. Rusiyada arvad məsələsi. O ki qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. Bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır; arvad məsələsi birdən-birə qurtarıbdır. Keçmişdə hüquq mübarizəsi. Amma bizim indiki söhbətimizdən murad bunu bilməkdir ki, aya keçmişlərdə arvadların hüququnun əzilməyinin səbəbi nə olub, yəni kişilər nə səbəbləri əldə bəhanə tutub arvadlara ixtiyar verməyiblər. Söhbətimizdən məqsəd bunu bilməkdir ki, həmin hüquq mübarizəsi, yəni ixtiyarat yolunda çalışmaq nə vaxt başlanıb və nə vəzlə əmələ gəlib və axrı hara gəlib çatıb. Hindistandan Manunun rəyi. Bəni-növi bəşərin tarixinin əvvəlinci günlərindən başlamış arvadlar ərlərinin ixtiyarında olublar və bu ixtiyar o cür nəzərə gəlib guya ki, dəyişilməyən bir qanundur. Qədim Hindistanda üç min il bundan qabaq Manunun qanunlarına görə arvadı öldürənin tənbihi o qədər idi–nə qədər ki, iti öldürənin tənbihi idi. Manu öz qanunnaməsində yazır ki, arvad uşaq ikən atanın ixtiyarında olmalıdır, cavanlıqda ərinin ixtiyarında və dul qalan vaxt oğlunun ixtiyarında. Arvadın nə qurban kəsmək ixtiyarı var idi, nə ibadət eləmək: onun ibadəti məhz ərə qulluq etmək idi. Yunan və rimlilərin rəyi. Hindistandan keçəndən sonra arvada həqarət ilə baxan Yunan və rimlər olublar. Yunan alimi məşhur Aristotelis deyərmiş: “qul, arvad və uşaq ixtiyar sahibi olmağa qabiliyyətsizdirlər”. Məşhur “Rim qanunları” uşaqları, dəliləri və arvadları bir mənzilədə hesab eləyirdi və bunlara ixtiyar vermirdi öz adları ilə şərtnamələr bağlasınlar. Dinlər necə baxıblar. Dinlərə gəldikdə demək olar ki, cəmi dinlər arvadları əskik bir insan dərəcəsində qoyublar. Tarixi-Müqəddəs İbrahim peyğəmbəri Saranın başının sahibi deyib yazır. Qədim yəhudilər dua vaxtı Allaha şükür eləyirdilər ki, onları arvad xəlq eləməyib. Bizim islam dinində həmçinin kişilərin ixtiyarı arvadlarınkı ilə bərabər deyil: məsələn, götürək kişilərin çox arvad almaq ixtiyarını, yainki irsin bir hissə bacıya və iki hissə qardaşa çatmağını və qeyrə. Orta əsrlərdə nə cür baxırmışlar. Xaçpərəstlərin Pavel xəlifəsi yazır: arvadlara hökmdür ki, ərlərindən qorxsunlar. Bəzi xaçpərəst qanunlarınca arvadlar kilsəyə girən vaxt minbərə və qeyri müqəddəs şeylərə gərək əl vurmayalar. Rəvayətdir ki, keçmişlərdə Firəngistan senatı belə bir qərarnamə yazmış: vəhşi insanlara da yaraşan iş deyil nəinki sizə ki, arvadlar öz iynə və saplarını qoyub və gəlib kişilərə qarışıb siyasi işlərə müdaxilə etsinlər; çox və çox eyib ola. Orta əsrlərdə arvadların hətta ruhu olmasına şəkk gətirirmişlər. Müqəddəs Avqustin bəlaların cümləsini arvadlardan görürmüş. Şekspir, Şopenhauer, Veyninqerq, Strinqberq – bunlar hamısı arvadları əqli naqis hesab ediblər. Qəribə burasıdır ki, bu cür əqidə arvadlar barəsində nəinki minillərlə yer üzünün cəmi tayfalarının arasında davam edib, hələ bəlkə indinin bu saatında mütəməddin Yevropa millətlərinin içində də bu rəydə olan az deyil ki, arvad kişidən ağıl hissiyyətincə zəifdir və bu səbəbə politika aləminə qarışmağa haqqı yoxdur. Analıq səbəb olubdur. Bəs bunlar nə sözdür? Nədir bunun səbəbi? Əsl mətləb burasındadır ki, arvadların hər bir barədə kişilərdən geri qalmaqlarına səbəb analıq olubdur ki, onları evdə uşağının yanında oturmağa məcbur edib, qoymayıb xah dava meydanında, [xah] qeyri meydanda hünər göstərsinlər: ev işləri, uşaq tərbiyəsi və külfət qeydi arvadları o dərəcədə məşğul edibdir ki, evdən kənar olan işlərə arvadların macalı yetməyibdir. Müsavat fəryadı. Amma tədriclə Yevropa elmi və Yevropa təməddününün bərəkətindən “müsavat” fəryadı uca səslə səslənib gəlib arvadlara da çatdı. Bu səda yuxarı siniflərdən başlamış hər bir təbəqələrə dağıldı, nücəba xanımları da bunu eşitdi, əsnaf övrətləri də bildi, karxana əmələləri də xəbərdar oldular və hətta kənd arvadları da duyuq düşdülər. Cəmi arvadların qulağına çatdı ki, insanlar bərabərdirlər və hamı insandır, necə ki, kişi, habelə arvad. Müsavat, müsavati-mütləq! Yəni kişilərlə arvadların hüququnun hər bir barədə bərabərliyi. Hüquq davası təzə məsələ deyil. Bu məsələ başlanıb onsəkkizinci əsrin axırlarında, Amerika qitəsində. Stüard zülmündən ingilislərin Amerikaya köçməsi. Tarix rəvayət edir ki ingilislər on səkkizinci əsrdə Stüard nəslinin zülmündən başladılar Amerikaya köçüb getməyə və Amerikada azad ingilislər başladılar özləri üçün mədəni bir vətən bina etməyə. Söz yox, bunların təklifi asan deyildi: bir tərəfdən lazım idi yerli hindlilərin vəhşi hücumlarının müqabilində dayanmaq, digər tərəfdən də lazım idi İngiltərənin hökmünü və ağalığını rədd etmək yolunda çalışmaq. Demək, bütün ömrlərini dava meydanında keçirmək lazım gəlirdi və həmin çətinliklərə düçar olan Amerika kişilərinə mənəvi və mühüm köməklik göstərən, onları dava meydanına göndərib evdə bir tərəfdən külfətə qulluq edən və bir tərəfdən də patron hazırlayıb kişilərin tüfənglərini dolduran, müxtəsər, onlara nicat verən Amerika arvadları oldu. Filadelfiya yığıncağı. Pəs, elə ki, dava qurtarandan sonra kişilər 1787-ci ildə Filadelfiya şəhərinə cəm olub, başladılar müttəfiq məşrutəli hökumət üçün qanuni-əsasi qərar verməyə, həmən gün arvadlar qabağa çıxıb cavab elədilər ki, ey kişilər, bizlər də sizlə bərabər davada iştirak eləmişik, sizin qəzavü qədərinizə biz arvadlar da həmişə şərik olub, şad günlərinizdə şad olmuşuq və qəmgin günlərinizdə qəmgin olmuşuq. İndi təzə vətəninizi azad görüb qanunlar yazırsınız; biz də sizlə varıq, bizim də siyasi ixtiyarımız kişilərlə bərabər olmalıdır. Və lakin bu dəfə arvadların çalışmaqları bir nəticə bağışlamadı və arvadlar istədikləri ixtiyar onlara verilmədi. Bununla belə arvadlar, söz yox ki, sakit olmadılar və fürsət ələ düşən kimi yenə baş qalxızdılar. Londonda qurultay 1840-cı ildə. Arvadların ikinci qurultulu iqdamatı vaqe olub miladi tarixinin 1840-cı ilində. Həmin il İngiltərənin paytaxtı London şəhərində qul azad eləmək məsələsinin beynəlmiləl qurultayı əmələ gəldi. Buraya Amerikadan xanım nümayəndələri göndərilmişdi. Çünki bu qurultayın başçıları İngiltərə ruhaniləri idi ki, arvad məsələsinin həmişə ziddinə gedirdilər. Qurultay qərar qoydu ki, Amerikadan gələn xanımlar həmin iclasda iştirak edə bilməzlər. Bu əhvalat arvadlara o dərəcədə təsir elədi ki, onlar Amerikaya qayıdıb özlərinin də qul dərəcəsindən azad olmaq məsələsini qalxızdılar. Səkkiz il çalışandan sonra arvadlar bir intibahnamə tərtib elədilər ki, 18 fəsildən ibarət idi. Nəticə: bir para ixtiyarlar. Həmin keyfiyyət Amerikada o dərəcə şöhrət tapmışdı ki, cəmi qəzetələr həmin intibahnamənin məzmununu çap eləmişdilər. İntibahnamənin bir neçə fəsli bu idi: Kişi və arvadların ixtiyarlarının bərabərliyi. Darülfünunda təhsil eləmək ixtiyarı. Seçki ixtiyarı. Kəbin və təlaq məsələlərində kişilərlə arvadların ixtiyarlarının bərabərliyi və qeyriləri. Statistika. Müxtəsər surətdə demək olar ki, arvadlar Yevropada və Amerikada hüquq və ixtiyarat yolunda çox təşəbbüslər və çalışmaqlar göstəriblər. Burada cümləsini nağıl eləmək tul çəkər. Və çalışmaqların nəticəsində bəzi məmləkətlərdə hökumətlərin bəzisi arvadların sözlərinə qulaq asıb bir para ixtiyar veriblər. Amma o ki, lazımdır ixtiyari-külli arvadlara yenə verilmədi. Hərçənd bu ixtiyarlar bir növ cüzi hesab olunurdular. Bununla bərabər yenə axirül-əmr Amerika arvadlarının yorulmaq bilməyən səyi və təlaşlarının nəticəsi bu oldu ki, 1910-cu ildə Amerikada 609 darülfünunun 142-si kişilər üçün və 108 darülfünun məhz arvadlar üçün idi və 352 darülfünun şərakətlə arvadlar və kişilər üçün idi. Bu darülfünunlarda təhsil edən kişilərin qədəri 119. 557 və övrətlərin qədəri 52. 652 idi. 1897-ci ildə darülfünunlarda 1475 arvad professoru leksiya oxuyurdu. Və həmin il müəllimlik edən arvadların qədəri kişilərdən artıq idi. 1900-cü ildə Amerikada dörd min beş yüzdən artıq arvad həkimi var idi. 300 arvad advokatı və 2725 ədib və yazıçı var idi. Həmin il Amerikanın hökumət idarələrində beş min nəfərdən artıq arvad xidmət edirdi. Amerikanın müttəfiq ştatlarında hər növ və hər qism arvad cəmiyyətləri var. Cəmiyyəti-xeyriyyələr, maarif cəmiyyətləri, elmi və fənni cəmiyyətlər, kooperativ cəmiyyətləri, fabrik əmələlərinə himayə edən cəmiyyətlər və qeyrilər. Və bu növ tərəqqinin nəticəsi axirül-əmr bu oldu ki, Amerika arvadları necə ki, maarif təsisatında, habelə şəhər işlərində və axırda da parlament seçkisində səs vermək ixtiyarını qazandılar. Axır nəticə. Bunların hamısı özgə bir şey deyil, məhz Yevropa əməlinin və Yevropa fənninin təhsilinin təsiridir. İnsan ki ziyalandı, fikir ki, ucalandı – dəxi mümkün deyil ki, insan ikiqat olsun: axırda yenə cism ruha tabe olacaq, yəni bunun mənası budur ki, uca fikir sahibi həmişə qeyrisini bu yolda işlədəcək ki, başı da uca olsun. Və əlbəttə, məqsədinə çatacaq. Axır. 9 iyul 1918, Tiflis * * * Xəbərdarlıq Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib. Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq. Bunu biz görürük ki, əsrin övzası və camaatın halı fəna bir məqama çatıb. Belə ki, hər bir qədəmdə biz hədsiz yovmiyyə ruzusuna möhtac olanlar və növ-növ fələkzədələrə rast gəlirik ki, bunlara heç bir mənbədən və heç bir əşxasdan bir müavinət əli uzadılmır və hər bir sərvət sahibindən imdad təmənnasına düşənlərə cavab verilir ki, pul yoxdur. “Pul yoxdur” deyənlərə və özlərini zahirdə təmkinli saxlayanlara bir sözümüz yoxdur. Amma bu qədər var ki, teatr kimi ümumgahda çörək puluna möhtac olanların nəzərində məşrubata və naməhrəm övrətlərə qızıl lirələri ovucla sərf edənlər qəflət yuxusundan ayılmalıdılar. Bu dəfə xəbərdarlıq babətindən məzkur hacının adını zikr eləməkdən əl saxladıq, amma bu qəbil hacılara vəsiyyət edirik ki, bundan soralıqda agah və huşyar olub, bir tərəfdən bizim giley-güzarımızdan və digər tərəfdən min-minlərcə çörəyə möhtac olanların nifrətindən ehtiyat eləsinlər. İdarədən “Molla Nəsrəddin”, 1921, № 3 * * * Poçtxanamız Ruznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik. Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır. Bu günlər bizə səhih bir mənbədən yəqinlik hasil oldu ki, ruznaməmizin birinci və ikinci nömrəsi Təbrizdən çıxmamış, nə səbəbə çıxmamış, o bizə hənuz məlum deyil. Bir neçə sətri yazmaqdan məqsəd xaricdə olan möhtərəm oxucularımıza ruznaməmizin çatmamağının səbəbini bildirməkdir. Bəhərhal biz yola gedirik və İranda tək bir “Molla Nəsrəddin” heç yerindən olmasa dünya ötüşər, amma poçtxanalarımızın bu dərəcədə nizamsızlığı vətən dostlarını gərək məyus edə. İdarədən “Molla Nəsrəddin”, 31 mart 1921, № 4 * * * Müştərilərimizə Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər. Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil. Bir tərəfə də baxanda ruznamə müdiri başına nə daş salsın? Kağıza, mətbəələrə, rəssamlara, yazıçılara və əmələlərə pulu haradan alıb versin? Doğrusu, məəttəl qalmalı bir haldır. Bircə şey fikrimə gəlir. Bir surətdə ki, möhtərəm müştərilərimiz pullarının batmağından ehtiyat eləyirlər, mümkündür pənah bərxuda babətindən abunə pulunun bir az hissəsini idarəyə göndərmək ki, əgər xudanəkərdə ruznamənin dalı gəlməsə, itən pul üç-dörd tümən olmasın, bir neçə qran olsun ki, əgər dünya dağılsa, bir neçə şahı da Molla əminin yolunda itib batsın. Bir qrandan tutmuş on qrana kimi, bundan da əskik və bundan artıq, hər nə qədər idarəmizə göndərilsə, təşəkkürlə qəbul olunub, qəbz veriləcək (mən ölüm, incimədin ki?). İdarədən “Molla Nəsrəddin”, 20 rəcəb 1339 (31 mart 1921), № 4 * * * Müştərilərə İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur. İdarəmizə göndərilən məktublar açıq qurani xətlə, müəyyən imza ilə yazılsınlar. Tapmacalı tərəssül xəttinə təqlidən şikəstə, yəni qol-qanadı sınıq yazılar bizi çox zəhmətlərə salırlar. Məktubun üç səhifəsini təmiz qoyub, qabaqkı yazıq səhifəyə yetmiş iki mətləb doldurmasınlar, yetmiş iki haşiyə çıxmasınlar, hərfin öz nöqtəsini öz yerində qoysunlar və elə rizə yazmasınlar ki, biz zərrəbinə möhtac olaq. Əgər bu şərt mülahizə olunmazsa, mümkündür ki, idarəmizə göndərilən məktublara etina olunmaya. İdarədən “Molla Nəsrəddin”, 14 şaban 1339 (23 aprel 1921), № 6 * * * Bir neçə söz Necə ki, keçən şümarədə işarə eləmişdik, Bakıya ehzar olunmağımız bizi məcbur edir ruznameyi-”Molla Nəsrəddin”i həmin 8-ci şümarədə dayandıraq. Məlumdur ki, Bakıya varid olduqda ruznaməni haman sayaq ilə çıxarmaqda olacağıq və çıxartdıqda indiki İran abunələrinə yetirmək niyyətində olacağıq. O ağayani-möhtərəm ki, idarəmizə üç aylıq müddətindən artıq pul göndəriblər, muxtardırlar ya ruznamənin Bakıdan gəlməyinə müntəzir olmağa, ya idarəmizdə qalan artıq pullarını istəməyə. Bu barədə sual-cavaba öz əvəzimizdən bəradərimiz Ələkbər Məmmədquluzadəni vəkil qərar veririk ki, müşarileyh idarədə qalasıdır. Təbrizdə və qeyri şəhərlərdə bizə az-çox borclu olan möhtərəm oxucularımızdan da xahiş edirik ki, onlara göndərilmiş olan ruznamə vəchini yetirsinlər idarəmizə. Nə dərəcə “Molla Nəsrəddin” bəndə üçün əzizdirsə, təbiidir ki, o dərəcədə də gərək əziz ola mənim üçün o kəs ki, ruznamənin Təbrizdə çox müşkulat ilə vücuda gəlməsinə kömək oldu. Bu həmin şəxsdir ki, öz elmi və fəzaili sayəsində Təbrizdə böyük bir ehtiram qazanmışdır (hərçənd ki, ağanın ismi-şərifini burada yazmağı lazım görmürük). Təşəkkür edirik o cənablardan ki, bəqədrül-məqdur – abunə ünvanı ilə, ya qeyri bir vəsilə ilə idarəmizə-maddi musaidət göstəriblər. Ruznaməmizin davamı müxtəlif zəhmətlərin nəticəsidir ki, ibarət olsun müxbirlərdən və təb əmələlərindən. Bu qism yoldaşlara səmimi qəlbdən salam göndərirəm. Sözümün xətmində bir vücudi-möhtərəmi yada salmamış olsa idim, qədrdanlıq şəraitinə əməl eləməmiş olardım ki, bu da Molla Nəsrəddinə şayistə görsənməzdi. Ruznaməmizin Təbrizdə nəşrinin icazəsini ağayi Müxbirüs-səltənə həzrətləri mərhəmət buyurdu. Bir surətdə ki, məmləkətin qanunu bunu icab edir ki, bu qism icazələr vüzərayi-maarif tərəfindən gərək sadir ola. Senzor məsələsinə gəldikdə, yenə ağayi-möhtərəmin azadixahlığını bəndə öz qəlbimdə inkar edə bilmərəm: səhihdir, qabaqlarda bir neçə şümarə senzor olundu və lakin o genişlikdə ki, mümkün idi–bəndə üçün yazmaq mümkün oldu və əgər senzorsuz çıxartdığım axırıncı şümarələrdə ondan artıq bir söz yaza bilmədimsə, buna səbəb budur ki, rəsmi senzordan əlavə bizim qaranlıq mühitin və çürümüş məişətin özünə müxtəs bir senzoru var ki, yazmaq səhldir, insanı lal olmağa məcbur edir. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”, 6 rəməzan 1339, (15 may, 1921); № 8 * * * Təbrik Təmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar. Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar. Təqdis edirik keçmişlərdə yeni əlifba mücahidlərinin pak ruhlarını, haman mücahidlərin ki, onlar vaxtında səpdiyi toxumdan göyərən həmin yeni türk əlifbasıdır ki, bunun vücuduna indi biz iftixar edirik. Yeni əlifba söhbəti qədimdir. Heç kəs güman etməsin ki, bu “bidəti” ortalığa salan biz bir neçə nəfər aciz bəndələrik. Adları bizim üçün əziz olan həqiqi maarif xadimləri Mirzə Fətəli Axundovdan, Mirzə Mülkümxan Müşirid-Dövlədən tutub hədsiz-hesabsız bunlar kimi bir çox alim və mütəxəssislər ərəb hürufatının çətinliyini nəzərə alıb bu hürufatın latın hərflərinə əvəz edilməsi yolunda çox-çox dəlilli və sübutlu əsərlər qoyublar. Lakin səhifələrimizin kiçik və dar olması artıq təfsilata bizə yol vermir. Bunların sözlərinin bütün ruhu budur ki, ərəb hərflərinin vücudu ilə islam millətlərinin maarifcə tərəqqisinə ümid ola bilməz və ola bilməz. Mirzə Mülküm xan kitablarının birində deyir: “Əgər götürək üç yüz milyondan ibarət olan müsəlman aləminin və yeddi-səkkiz milyondan ibarət erməni və yunan mətbuatını, görərik ki, erməni və yunan mətbuatı bütün müsəlmanların mətbuatından bir neçə qat yüksəkdir. Buna da səbəb ancaq ərəb hürufatının çətinliyidir”. Şəksiz və tərəddüdsüz biz bu yola qədəm qoyuruq və haman qədəmimiz biçarə millət naminədir. Bizi bu yola vadar edən qəlbimiz və vicdanımızdır. Necə ki, atalar balığı suya atanda o ümidlə atırdılar ki, “balıq bilməsə, xaliq bilər”, bizim də qəlbimizin içərisindən gələn bir səda bizi bu yola sövq edib deyir: “Səbat ilə qədəm qoyun, çünki geri qayıtmaq yoxdur”. Əgər biçarə millətimiz indi də bizi təsdiq etməyə hazır olmasa, bir vaxt gəlib çatacaq ki, yeni hürufat xadimlərinin adları haman millətimiz tərəfindən xeyir-dua ilə zikr olunub baqi qalacaqdır. “Yeni yol”, 21 sentyabr 1922, № 1 * * * Yeni əlifba nə istəyir Bizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi. Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir. O hallar bunlardır: Birinci hal: neçə yazıçımız varsa, o qədər də yazı qaydalarımız var. Hər kəs kəlmələri kefi istədiyi və ağlı kəsdiyi kimi yazmaqdan çəkinmir. Məsələn, bir kəlməsini dəyişəndə, aşağıda yazılan şəkillərin hamısını yazıçılarımız öz yazılarında göstərmişlər: “Oluram”, “alıram”, “ölürəm”, “aluram”, “almıram”, “olmuram”, “olmayıram”, “almıram”, “almadım”, “olmadım”, “ölmədim”, “almacağam”, “ölməyəcəyəm”, “almayacağam”, “ölməgəm”, “alınmışdır”, “alunmışdır”, “alınarsa”, “almar sə”, “alunursə”, “alunurse”. “Odun” kəlməsini dəyişdirdikdə yenə o kimi hallar görünür: “Odunək”, “odunuk”, “ödünük”, “ödun ük”, “oduna”, “ödünə”, “udunə”, “ödünə”, “ödunu”, “odunu”, “odun ilə”, “ödün ilə”, “ödündən”, “odun dən”. Bunlardan başqa, “gəlib”, “qulub”, “təmənna”, “təmanne”, “hətta”, “hətte” kimi bir çox misallar gətirmək olar ki, yazıçılarımız yazılarında göstərmişlər və indi də göstərirlər. Yeni əlifba hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı vardır. İkinci hal: yazıçılarımız özgə millətlərdən aldıqları kəlmələri türkləşdirə bilmirdilər, çünki ərəb əlifbası bu işə mane olurdu. Məsələn: “nəmaz”, “kol”, “koloft”, “kələft”, “bolbol” və yüzlərcə kəlmələri türkün tələffüz etdiyi “namaz”, “qul”, “külfət”, “bol-bol” kimi yaza bilmirdi. Çünki belə yazanlara “savadsız” deyirdilər. Yeni əlifba isə bu kimi kəlmələri türkləşdirməyə həm imkan verir, həm də məcbur edir. Üçüncü hal: özgə millətlərdən aldığımız kəlmələri hər kəs bir cür tələffüz edirdi, hər kəs bir cür türkləşdirirdi. Bu isə dilimizə böyük pozğunluq salırdı. Məsələn: “məhəbbət” kəlməsi “məhəbbət”, “mühəbbət”, “mühibbət”, “möhübbət” kimi tələffüz olunurdu. Yeni əlifba bu kimi kəlmələrin doğru tələffüzünü tapıb bir cür yazılmasını və bir cür söylənməsini bərkə-bərk istəyir. Dördüncü hal: biz ərəb, fars kəlmələrinə, şivələrinə və tərkiblərinə elə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib dilimizi öldürürük. Məsələn: yazıçılar “Ruhanə və cesmani tərbiyə”, “əzabi şədiq”, “vəzifeyi mədəniyye”, “odabaye əsar” əvəzinə “Ruh və cism tərbiyəsi”, “şiddətli əzab”, “mədəniyyət vəzifəsi”, “əsr-ərbək ədibləri” yazmaqdan çəkinmirlər, çünki qorxurdular onlara “Siz dili bilmirsiniz”, desinlər. Yeni əlifba isə tələb edir ki, bu kimi tərkiblər və əcnəbi qaydalar dilimizdən büsbütün atılsın, dilimiz azad olub təmizlənsin və dirilsin. Hələlik bunlardır yeni əlifbanın istədikləri! C. “Yeni yol”, 28 sentyabr 1922, № 2 * * * “Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlər May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir. Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır. İndi, görək bu az bir müddət içərisində komitə nə etmiş və nə etmək fikrindədir: Bir çox dəfələr geniş iclaslar qurub nəticədə də “yeni əlifba”nı meydana çıxartmışdır. 30 puta qədər yeni şriftdən Tiflisdə tökdürüb birinci hökumət mətbəəsinə təslim vermişdir. 12000 nüsxə əlifba kitabçası və 15000 də əlifba vərəqəsi çap etdirmişdir. Bu aşağıda adları göstərilən kitablar yazılıb çapa verilməkdədir: a) “Nə üçün ərəb əlifbası türk dilinə yaramır”, b) “Yeni əlifba ilə türkcə düzgün oxuyub yazmaq qaydaları”, c) “Türkcə kəndi müəllim” (türkcəni qeyri türklərə öyrətmək üçün). Bunlardan başqa: a) “Əlifbadan sonra qiraət kitabı”, b) “Sərf nəhv” və c) “Yeni hesab kitabı” adlı kitablar da yazılmaqdadır. Komitə “Yeni yol” adlı həftəlik bir qəzet (2 nömrəsi çıxıb satılmaqdadır və “Gələcək” adlı aylıq bir jurnal da buraxır (mətbəədə çap olunur). Yeni əlifbanı öyrətmək üçün Bakıda kurslar açılmışdır: a) Üç aylıq kurslara gələn müəllimlər üçün, b) Hərbiyyə məktəbi kursantları üçün, c) Firqə məktəbləri mütəəllimləri üçün, ç) 1-ci hökumət mətbəəsinin türk mürəttibləri üçün, d) Hərbiyyə komissariyyatının savad məktəbləri müəllimləri üçün, e) Xalq Torpaq Komissariatı qulluqçuları üçün və ə) Mədən dairələrində fəhlələr üçün. Azərbaycanın bütün qəzalarında (ikisindən başqa) və Naxçıvanda komitənin şöbələri açılıb çalışmaqdadırlar. Azərbaycandan savayı Tiflisdə, İrəvanda, Kazanda, Buxarada, Moskvada, Ənzəlidə nümayəndələrimiz var; komitə sair türk ölkələrində də şöbələr açmaq məqsədindədir. Belə az bir vaxtın içərisində komitənin gördüyü işlər bunlardır; görəcəyi işlər isə bunlardan daha mühüm və daha ağırdır. Fəqət nə olursa-olsun, komitəmiz getdiyi yoldan dönməyəcək və məqsədinə yetişincə daha böyük bir əzm ilə irəliləyəcək. “Yeni yol”, 7 oktyabr 1922, № 3 * * * Yaxşı işin tarixi Hər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir. Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir. “Yeni yol”, 14 oktyabr 1922, № 4 * * * Komitə işləri barəsində İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır. Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər. Yeni əlifba kitabçasından 12 min nüsxə çap olunmuşdu. Bir az müddətin içində bu qədər kitab satılıb qurtulduğuna görə ikinci dəfə çap olunması komitə iclasında qərara alındı. Habelə qət olundu ki, bu kitabın ikinci hissəsi də bu tezlikdə çap olunsun. Həftəlik “Yeni yol” qəzetimiz Azərbaycan qəzalarının hamısına göndərilir. Bakıda isə qəzet satan uşaqlarda və Parapetin yanındakı Abbasovun budkasında satılır. “Yeni yol”, 28 oktyabr 1922, № 6 * * * Əkinçilik aləmindən Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır. Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik. Əvvəla, çəyirtgə məsələsi elə bir əhəmiyyət qazanmaqdadır ki, bu yolda istər hökumət, istər camaat var qüvvəsi ilə çalışmalıdırlar ki, bəlkə bu nagahan bəlanın zərərini bir növlə əkinçilərin başından rədd eləyələr. Düşmən də çox qəvi düşməndir, çünki alınan məlumata binaən, üç yüz min desyatin miqdarında çöllər çəyirtgə toxumu ilə doludur. Və bu da məlumdur ki, yüz min desyatin əkinəcək zəmilər çəyirtgənin dövlətindən puça çıxıblar. Pambıq əkmək söhbətinə gəldikdə, bu məsələ də çəyirtgə məsələsinə təmamən bağlıdır. O səbəbdən ki, madam ki, çəyirtgənin qorxusu uzaqlaşmayıbdır, pambıq barəsində də olunan binagüzarlıqlar hədər nəzərə gələcəkdir. O ki qaldı əkin suları – burada da çox tədbirlər görülməlidir. Bir tərəfdən kəhrizlər sahibsiz fəna bir haldadırlar, çünki onları nə qabaqkı sahibləri sahiblənib becərməkdədirlər, nə kənd camaatları sahiblənib abad saxlamaq fikrindədirlər. Və onun üçün də kəhrizlər gün – gündən puça çıxmaqdadırlar. Həmin məsələləri məmləkətin gələcəyi üçün biz nəhayət ciddi hesab edib, bu barədə bundan da sonra genə yazmaqda olacayıq. “Yeni yol”,11 noyabr 1922, № 8 * * * Heykəl açılışı Bu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu. Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər. Maarif Komissarı Şahbazi öz nitqində yeni yazıçılarımızı və cavanlarımızı Sabirin ruhu ilə ruhlandırmağa çağırdı. İkinci danışan Nəriman Nərimanov yoldaş olub, söylədi: “Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən qorxmayıb, özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirdi: öz şerləri və yazıları ilə kəndlilərin və fəhlələrin haqlarını müdafiə edirdi: zalımların bunlara etdikləri zülmlərini açıqca üzlərinə söyləyirdi. Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və fəhlə tərəfdarları olduq”. Nitqinin axırını indiki və gələcəkdəki türk şairlərimizin Sabir kimi olmaları arzusu ilə qurtardı. Üçüncü danışan, Ağamalı oğlu, Sabirin şair kimi meydana çıxması ilə Azərbaycan türkləri üçün yeni bir dövrə başlanmasını, bu dövrənin bərəkətindən kəndli və fəhlələrimizin ayılmalarını, bunların tərəfdarlarının çoxalıb, inqilab yapmalarını və müvəffəqiyyət qazanmalarını söylədi. Nitq söyləyənlərin və hazırda olanların hamısının əksi alındı. Bu yığıncaqda gözə çarpan bircə əskiklik var idi: o da bu idi ki, Sabirin təbinin atının iti qaçışına gözəl və geniş meydan hazırlayan Molla Nəsrəddin orada görsənmirdi, çünki bu açlışın nə vaxt olması xəbərini ona heç bildirməmişdilər. Yeni əlifbaçı “Yeni yol”, 25 noyabr 1922, № 10 * * * Bir növ yazıçı Lüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn: Som – bu bir növ balıqdır. Lipa – bu bir növ ağacdır. Çij – bu da bir növ quşdur. Bu günlərdə mən bir məqalə yazana rast gəldim;... bu da bir növ yazıçılıqdır. Ay canım sənə qurban, məqalə yazan! Zalım oğlunun bir hünərinə bax! Özü nə Azərbaycanın dilini bilir, nə camaatı tanıyır, amma sən gəl məqaləsinə bax! Yazır: Azərbaycanda qəza, nahiyə və kənd idarələrinin dövlətindən qurd quzu ilə otlayır və buna da üç dəlil gətirir: Biri budur ki, kəndlərdə və qəzalarda heç rüşvət alınmır. Bu birinci dəlil. İkinci dəlil budur ki, qəza idarələri göz açıb – yumum saatda çəyirtkəni qırıb qurtardı. Bu ikinci dəlil. Üçüncü dəlil budur ki, qəzalarda, kəndlərdə, maarif işləri aşıb daşıb: səhər dərsləri, günorta dərsləri, gecə dərsləri, rəməzanda da obaşdanlıq dərsləri. Bu da üçüncü dəlil. Bəli, qurtardı getdi. Dəxi sözün nədi? Belə gözəl bir əsr, belə bir səadət harada və havaxt olub? Amma məqalə sahibi, deyəsən, yenə az-maz insafa gəlib; deyəsən duyubdur ki, qəzalarda otluyan quzular ibarətdirlər fəqir və dilsiz-ağızsız kəndlilərdən; qurdlar da haman quldur–qaçaqlar və haman rüşvətxor məmurlardır ki, onların bərəkətindən Azərbaycan kənd camaatı bilmir hara baş alıb köçsün. Və məqalə sahibi, deyəsən, bu mətləbi duyub; onunçün məqaləsinin axırında quldurluqdan bir az giley–güzarlıq edir və bir az da camaatın sənaye işlərində geri qalmağından şikayətlənir. Bəli, yazıçılığın da ləzzəti götürüldü. Əgər yazıçılıq ibarətdir bundan ki, dünyadan xəbərin olmaya-olmaya beş sütun hədərən-pədərən yazasan; əgər yazıçılıq ibarətdir bundan ki, yalan-palanla avam camaatı müştəbeh edəsən, onda, lüğət kitabında yazılan kimi, bu da olur “bir növ yazıçılıq”. Heyif o kağıza və mürəkkəbə! Heyif o yazıq mürəttiblərin gözlərinin işığına! Molla Nəsrəddin “Molla Nəsrəddin”, 7 dekabr 1922, № 5 * * * Nöqtələr Müsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır. Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan. Bir vaxtlar İran yazıçıları bu nöqtəbazlıqdan təngə gəlib istədilər acığınan dəxi heç nöqtə qoymayalar, yəni lap nöqtəsiz yazalar və çoxları bu məşqə düşdülər, məşhur Mirzə Mehdi xanın “Tərəssülü” bu cür nöqtəsiz yazılıb. Bunun da nəticəsi bu oldu ki, əgər bir şəhərdə savadlı beş nəfərimiz var idisə, indi iki nəfər oldu, o səbəbə ki, daha “tərəssül” xəttin oxuya bilən olmadı. İndi türklərin də içində bir cür tərəssülbazlıq var: bunlar istiyirlər bir fənd qursunlar ki, nöqtə əngəlindən qurtulsunlar, bunlar nöqtə əvəzinə sözlərin axırına bir cür quyruq yapışdırırlar. Amma bu da oyun – oyuncaqdır. Bundan da bir şey çıxmayacaq. Yeni əlifba, yeni əlifba! “Yeni yol”, 27 yanvar 1923,№ 4 * * * Maarif Komissarlarımızdan doktor Soltanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var. Birincisi: Həmin bu məqaləni biz ən səmimi-qəlbdən yazılmış hesab edirik . İkincisi: Məqalənin elə bir guşələri var ki, onları oxuyan gərək qabaqca gülə, amma sonra bəlkə ağlamağı tutacaq, ya da qabaqca gərək ağlaya, sonra gülməyi gələ. Məqalənin ağlamalı yerləri ilə Molla Nəsrəddin əminin işi yoxdur – bu, tarixçilərin vəzifəsi. Bizim sözümüz gülməli və məzəli yerləridir. * * * Əvvəla: Soltanməcid yazır: Biz inqilabın qabaqlarında o qədər özümüzü təriflədik ki, axırda baxdıq gördük ki, hələ inqilabdan qabaq mövcud olan məktəblərin sayıca da indi bizim məktəbimiz yoxdur (çox qəribə). Saniyən: müəllimlərimiz tamamən qaçırlar Quba meydanına, o səbəbə ki, səkkiz aylarla məvacib almırdılar (bu da çox məzəli). Salisən: məktəb kitablarımız Türkiyənin Kürdüstan və Ərəbistan dilində yazıldıqları səbəbdən onların içindən millətimiz bir mətləb çıxarda bilmədi (bu da çox təəccüb?!). * * * O şey ki, bizi bu barədə danışmağa məcbur etdi, o da Soltanməcidin bir neçə ibarəsidir ki, o, məqalənin axırında deyir. Məqalə sahibi yazır: Özümüzü boş-boşuna mədh və təhsinlə yox, özümüzü quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Molla Nəsrəddin əmi də deyir: Özümüzü boş-boşuna mədh və təhsinlə yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yolu yoxdur. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 3 mart 1923, № 15 * * * Poçt xərci Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir. İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır. Bu işlərdən anlaşılır ki, tək Bakıda yox, Azərbaycanın qeyri şəhərlərində də poçt xərcləri çox-çox artıblar. Aşkardır ki, hər bir bahalıq dadüstədin qabağını alan kimi, poçtun da bahalığı nəşriyyatımızın yatmağına bais olacaqdır. Bizə yəqindir ki, bu səhvdən və bəlkə belə qəflətdən Şura hökumətinin xəbəri yoxdur, zira ki, Şura hökuməti nəşriyyat tərəqqisinin birinci tərəfdarıdır. Poçt baş idarəsi bunu bilməlidir və öz səhvini düzəltməlidir, çünki poçt müxabirəsinin çətinliyi və intizamsızlığı poçt baş idarəsi üçün hər bir zamanda əsbabi-töhmət olub və olmalıdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 10 mart 1923, № 16 * * * İdarədən Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq. Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız? Bakıda dərya kənarında torpaq idarəsinin təhtində bir böyük və çox böyük əkin maşınları anbarı var ki, orada olan kiçik və böyuk maşınların həddi-hesabını heç torpaq müdiri özü də bilmir, heç sklad müdiri özü də bilmir. Gediniz bir yaxşıca xəbər tutunuz, biliniz, aya neçə ildir o maşınlar orada yağış və qarın altında çürüyürlər; qeyri şəhərlərdə olan maşın skladları habelə. İndi sizlə mərc gələrək, bir kəndli əkinçini göndəriniz getsin o maşınların birini istəsin. Əvvəl qabaq müdir deyəcək: bu qədər qızıl pul gətir qoy stolun üstünə, get məsələn, kotanı apar. Əgər yalan deyirəmsə, yaz yalan deyirsən. Və məhz səbəb budur, haman kəndli gəlib bir kotanı ya sovuraq maşınasını istəyəndə, qabaqca qızıl pulunu sayıb stolun üstünə qoymur. Bə işlər nə qədər ki, bu minvalla gedir, Zəyəmdə də kəndlilər babadanqalma cütə dəvələri qoşub “ço, ço” eləyəcəklər. Bakının kəndlərində də belə eləyəcəklər, qeyri kəndlərdə də belə edəcəklər. Amma sən indi haman Bakının skladının dəsgahına bax, oranın ştatına bax, orada əyləşən ağaların damağına bax. Qoy rəiyyət də cütün ardınca dəvələri, ya arıq öküzləri döyə-döyə kənardan tamaşa eləsinlər. Lağlağı “Molla Nəsrəddin”, 10 mart 1923, № 16 * * * Ovuc yazısı Ovuc yazısı İranda indiki əsrdə yenə davam etməkdədir. Ovuc yazısı nə deməkdir? Ovuc yazısı ondan ibarətdir ki, mirzə cənabları yazmaq istəyəndə əvvəl ədəb ilə dizi üstə əyləşir, sonra cibindən qələmdanı çıxardır, dəvata (mürəkkəbliyə) bir qətrə su tökür, qoltuq cibindən bir ovuc yekəlikdə bir kağız parçası çıxardır və “bismillah” deyib başlayır mətləbini yazmağa. Mirzə cənabları çox tez-tez yazır və bundan savayı da çox rizə yazır; elə rizə yazır ki, elə bil ki, barama qurdu toxum tökür. Elə yazmaqdadır və tutaq ki, kağızda dəxi yer qalmayıbdır, amma münşi cənabları kağızı sağa çöndərir, sola çöndərir – yenə qıraq bucağında yer tapıb yazır. Həmin bu bir ovuc vərəqənin üstdə çox mətləb yazmaq olar, necə ki, bir balaca kağızın üstə min-min barama toxumu tökmək mümkündür. Belə bir varaq kağızda böyük bir hekayə roman yazmaq olar, bu vərəqin üstündə İngilis hökumətinə ultimatum yazmaq olar. Söz yox ki, Firdovsinin “Şahnaməsi” və Sədinin “Gülüstan” və “Bustanı” bu böyüklük vərəqə üstə yazılıbdır. Amma burası var ki, bu qədər uzun mətləbləri bir balaca kağız üstə sığışdırmaq hər bir hürufat ilə mümkün deyil: bu hünər tək bircə ərəb hərflərinin hünəridir. Mozalan “Yeni yol”, 8 iyul 1923, № 11 * * * İki cür rəvayət Qəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuya bilirik. Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur. O xəbərlər ki, bizə gəlib-gedənlərdən çatır, – onlar bir özgə cürdür. Amma haman xəbər qəzetdə yazılanda ayrı bir dona girir. Məsələn: götürək çəyirtgə xəbərlərini. Məsələn, bu gün Qarabağdan bir adam gəlib, çəyirtgədən rəvayət edir və deyir ki, Ağcabədidən başlamış ta Hüsüliyə kimi biz taxılları yeyilmiş qoyub gəldik və haman dairədə və qeyri dairələrdə, həmçinin o qədər taxıl yeyilib ki, bir belə müsibəti qoca kişilər yada sala bilmirlər. Amma haman əhvalatı qəzetlərdə biz belə oxuyuruq: “Ağcabədi dairəsində, doğrudur həddən artıq çəyirtgə var idi, amma çəyirtgə müridlərinin elm, qabiliyyət və səy-təlaşlarının nəticəsində çəyirtgə təmamən qırılıb qurtardı və kənd əhalisi xudavəndi-aləmin dərgahına minlərcə şükr edirlər ki, belə bir qeyrətli müridlər onların baxtına çıxdı”. İnşaallah, bir-iki aydan sonra məlum olar ki, aya bu iki rəvayətin hansı səhih imiş və hansı yalan imiş. Lağlağı “Yeni yol” 19 iyul 1923, № 19 * * * Məhərrəmül-həram Məhərrəmül-həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır. Haman ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb-düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm. Həmişə məhərrəmül-hərama bir ay qalmış şaxsey və baş yarmaq söhbəti meydana gəlir. Aya nə tövr bu binamusluğun qabağını almaq? Bu barədə də çox-çox moizələr edilir, çox-çox kağızlar yazılır, çox-çox hərflər düzülür, yığıncaqlar yığılır və nitqlər söylənir. Bu qədər təlaşdan məqsəd tək bircə budur: nə tövr bu oyunbazlığın qabağını almaq? Gör qeyrilər nəyə məşğul, gör biz nəyə məşğuluq! Ar olsun belə millətə! Ar olsun mənim özümə də ki, belə millətin bir fərdi hesab olunuram! Bircə təsəlli, bircə ümid yolu budur ki, hər bir cünunluğun qabağını almaq üçün hər məmləkətin hökuməti var. Və ümidim bunadır ki, məhərrəmlik dəliliklərinin qabağını almaq hamıdan artıq Şura hökumətinə yaraşandır və yəqin ki, belə də olacaq. Ondan ötrü ki, balaca uşaq sözə baxmayıb tərbiyəsizlik edəndə onun qulağından yapışıb, tərbiyə evinə aparırlar və habelə dəlilər də küçələrə düşüb xalqı narahat edəndə onları yığıb dəlixanaya doldururlar. Cəlil Məmmədquluzadə “Kommunist” qəzeti, 3 avqust 1923, № 174 * * * Bəyan Məcmuəmizin 35-ci nömrəsində birinci səhifədə biz belə şəkil çəkmişdik: Xalq Maarif Komissarlığından bir neçə teatr və qeyri tamaşagah müdirləri dallarında pul yükü aparırlar, aşağıda kasıb kəndli oturub baxır və deyir: – Maarif Komissarlığının yuxarıda göstərilən idarələrinə bu qədər pul daşınanda, əlbəttə, kənd məktəbləri pulsuz qalacaqdır. Həmin şəkil bir para danışıqlara səbəb olubdur ki, guya biz deyirik ki, Maarif Komissarlığının pulu teatrlara və kino, operalara verilir, amma kənd məktəblərinə verilmir. Belə deyil, yəni bizim dediyimiz bu deyil. Bizə məlumdur ki, Maarif Komissarlığının pulunun böyük hissəsi kənd məktəblərinin və kənd maarifinin yolunda sərf olunur, teatr və opera isə, bunlara verilən maddi köməklik qabaqkı xərclərə nisbətən çox azdır. Əgər biz bu az olan xərcləri böyük-böyük tay şəklində və kəndlini fəqir bir halda göstərmişiksə, bunun mənası o deyil ki, kəndlilərə heç bir şey verilmir. Bu məzhəkə yazıçılığında adət olmuş bir mübaliğədir. Bizim ancaq sözümüz budur ki, və indi yenə bunu arzu edərdik ki, qeyri idarələrə və qeyri müəssisələrə verilən az-çox pulların yenə mümkün olan qədərini qənaət edib, kənd maarifini qüvvətləndirməlidir. İdarədən “Molla Nəsrəddin”, 17 noyabr 1923, № 37 * * * Heyif olsun! Heyif olsun keçən günlərə! Heyif olsun o nemətlərə ki, bu zalım oğlu yeni əlifba əlimizi onlardan üzdü. Keçək mətləbə. Xoşa o günlərə ki, körpə uşaqlarımız dərsə gedən günü siftəsi Quranı açırdılar qabaqlarına və höccələyə-höccələyə tutuquşu kimi başlayırdılar oxumağa: “inna ənzəlnahü...”. Doğrudur, oxuduqlarını qanmırdılar, necə ki, tutuquşu da dediyini qanmır; amma söhbət qanmaqda, ya qanmamaqda deyil və qanmaq da heç lazım deyil. Ancaq bircə bu lazımdı ki, ulu Tanrı qoy görsün ki, mən onun kitabını oxuyuram; bəlkə rəhmi gələ və mənim atamı və anamı da bağışlaya, bəlkə də abavü əcdadımı da bağışlaya. Heyif və yenə də heyif... İkinci növbədə heyif olsun qədim Şərq mətbuatımıza ki, bu təzə hürufat hələlik bizi ondan uzaqlaşdırdı. Heyif olsun Firdovsi əminin şahlar naminə yazdığı “Şahnamə”sinə; həmən “Şahnamə”yə ki, dünya yaranandan indiyə kimi bircə nəfər türk oğlu türk o kitabı əlinə alıb, oxuyanda başa düşməyib ki, nə oxuyur və niyə oxuyur. Heyif olsun qoca Sədinin “Gülüstan”ına ki, bu kitabdan düşən uşaqlarımız bədbəxt olacaqlar; çünki o gözəl nəsihətlər ki, orada yazılıb, – o nəsihətləri ayrı bir kitab sahibindən eşitmək müyəssər olmayacaq; xüsusən o qədər təməllüq ki, Sədi tərəfindən padşahlara olunur, bu özgə bir nemətdir. Üçüncü dərəcədə heyif olsun sair kitablarımıza: filosof Hafizimizə ki, minlərcə bədbəxt müsəlman qardaşların vaxtlarını yetmiş iki min mənalı, amma həqiqətdə lap mənasız şeyləri oxumağa sərf edibdi. Heyif olsun o lotu Nəbatimizə, o dindar Racimizə, o sinəzən Dilsuzimizə və bunlara oxşar qeyri belə-belə şair və mairlərimizin kitablarına. Axırıncı növbədə heyif olsun o gözəl müsəlman xəttinə, farsın və anadoluların şikəstə yazısına, ərəbin “Quran”ına, xətti-təliq və nəstəliqə. Heyif olsun zənqəhbə Mirzə Mehdixanın “inşa” xəttinə, “tərəssül” xəttinə və bunlardan savayı heyif olsun minlərcə belə-belə islam yazılarına ki, mərhum Mirzə Fətəli və Mirzə Məlküm xan o yazıları ilan-qurbağa adı ilə şöhrətləndiriblər. Əgər birisi mənə belə xəbər gətirə ki, yuxarıda saydığımız mətbuat – qurandan savayı bir təndirin içinə düşüb yanıbdı, mən heç dərd eləmərəm; bəşərta deyələr ki, bu kitabların yerini təzə kitablar tutub, məsələn, “İbrahimbəyin səyahətnaməsi”, Mirzə Məlkümxanın risalələri, Mirzə Fətəlinin komediyaları, Mirzəağa xan Girmaninin mürasilələri, Vaqiflə Sabirin şerləri və qeyriləri. Bunlar hamısı keçəndən sonra yenə ümidvarlığımız artıqdır ki, yeni türk əlifbasının vücudu ilə bundan sonra qabağa getmək yolu bizim üçün işıq gərək olsun. Molla Nəsrəddin “Yeni yol”, 25 noyabr 1923, № 36 * * * Dərs kitablarımız Bir dərs kitabına rast gəldim, bu kitab mərhum Mahmud əminin “Üçüncü il” kitabıdır ki, hal-hazırda məktəblərimizdə oxunur və Maarif Komissarlığında mövcud olan nəşriyyat şöbəsinin izni ilə çap olunmuşdur. Dəxi nə söz? Kitab – kitabdır; kitabın ki, buynuzu olmaz?! Nə irad? Nə tənqid? Amma mən bilmirəm, mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır?! Sözüm burasındadır ki, mən bu gün böyük oğlumun əlində kitabı görüb aldım, baxdım, axıra kimi göz gəzdirdim və məcbur oldum kitabın axırlarında bir neçə vərəqi cırıb tullayam kənara. Cırıb atdığım vərəqlər bunlardır: səhifə 184 – “Daşlar və mədəniyyat” ibarələrindən bir nümunə: Heyvanları böyüklükləri ilə, şəkilləri ilə, üzvlərinin təxalifi ilə bir-birindən fərq və təmayiz etmək olur; fəqət daşlar bu vasitə ilə təfriq olunmaz... Bununla belə dürlü-dürlü daşları bir-birindən ayırmaq üçün başqa övsaf təhri etməlidir...” Bu vərəqi cırıb tulladım; çünki bu dil bizim dil deyil. Səhifə 186 – Dəmirin şənindən yazılan şerlər: “Burada nasıl çalışıyor şu sıtmalı əmələ... Zavalında vücud zəif, bəniz qansız, sırt qanbur. Ayaq çılpaq, üsir sıqlam olmuş, üst çamur. Əcəb, nədir çıqardıqı bunun bunca əmcələ?.. Əgər burası nəsrlə yazılmış olsaydı, o vaxtda dəxi əmələnin qeydinə qalmışlar – deyə saxlaya bilərdim. Amma bunu da cırıb tulladım. Əgər bunlar həqiqətdə şerdilərsə, onda nə lazım yazıq uşaqlarımızı öz əlimizlə şerdən iyrəndirmək?.. Səhifə 191: Ədəbiyyat nümunələrindən parçalar. Mənahi: zövqünüzmü? Bir təhaşi yoqmu xaliqdən? Sizi niranə sövq etməzmi bu üsyanlar, insanlar? Doğrudur, bu ibarə möhtərəm “Füyuzat” jurnalından götürülüb. Amma bunu türklər üçün yazıya götürən yəqin ki, əslində dəli imiş. Söz yox, bunu da tulladım. Səhifə 193 – “Türk obasına siyahət”. Heyif bilmirik ki, Sevim Bikə türk obasında yaşayan camaatla nə dildə danışırdı; çünki bu hekayə ərəb dilində yazılıb. Bu səbəbdən, kitabdan cırılıb atılmalıdır ki, mən elə elədim. Səhifə 200-201 – təmuz və qış barəsində dərc olunan Tövfiq Fikrətin şerlərini çap etmədən qabaq azərbaycanlıların dilinə çöndərməli idi. Bunu da kitabdan çıxartdım. Səhifə 203 – “Misir xatiratımdan”. Çürük, məzmunu çürük, dili çürük, məsləki çürük. Əgər bu kitabı yazan mərhum müəllimimiz kitabını bu şəkildə meydana qoyubsa, bu iş onun şəxsi işidir, onun ağlı belə kəsib. Amma təəccüb burasındadır ki, indiki əsrimizdə açıq bir ana dilinə möhtac olduğumuz yerdə bir nəfər də mənim kimi bir namərd insafa gəlib dillənmir və demir ki, a balam, bu ərəb dili behiştə gedənlər üçün lazımdır; çünki ağayi-Məclisi əleyhirrəhmə buyururlar ki, behişt əhli ərəb dili, cəhənnəm əhli məcus dili danışır. Aman günüdür, nə dil olur olsun, – qoy məcus dili olsun, – ancaq oxuyub qanmalı olsun. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 15 dekabr 1923, № 40 * * * Behişt əlifbası Əgər Ağayi Məclisi əleyhürrəhmə doğru deyibdi ki, behişt əhlinin dili ərəb və cəhənnəm əhlinin dili məcus dilidir, onda daha aşkardır ki, behişt əhlinin əlifbası da ərəb əlifbası gərək olsun. Onun üçün də həmin ərəb əlifbasını şərq əhli o dərəcədə əziz tuturlar ki, bu əlifbanı tullayıb, latın əlifbasını qəbul etmək kimi söhbətlərini islam dinini tullayıb, latın dinini qəbul etmək kimi “nasəza” mənzələsində tuturlar. Müqəddəs İranın müqəddəs Rəşt şəhərində çıxan “Nidayi-Gilan” qəzeti bizim yeni əlifbaya elə haman behişt və cəhənnəm nəzəri-nöqtəsilə baxır. Məzkur qəzetin rəyincə biz yeni əlifbaçılar çoxdan cəhənnəmlik olub getmişik, onun üçün də dünyavü aləm yaranandan indiyə kimi nə qədər yer üzündə yaşayan adamlarda bir təqsir var, nə qədər günah baş verir, hamısını cəm eləyib, biz yeni əlifbaçıların üstünə tökür. “Nidayi-Gilan” qəzeti yazır ki, Azərbaycanda latın əlifbasını icad edən bolşeviklərdi. Onların (bolşeviklərin) batini-xəyalı Azərbaycan türklərini sair türk ölkələrindən və sair müsəlmanlardan ayırmaqdır. Qəzetin həmin töhmətinə cavab vermək mənim vəzifəm deyil: hər kəs hər kəsi istəyir ayırsın, istəyir ayırmasın. Amma burada bircə şey nəzərə gəlir: biz Azərbaycan türkləri sair türk tayfalarından və sair müsəlman millətlərindən ayrılsaq, bəs onda görəsən, ayrılandan sonra bizi rusmu etmək istəyirlər, ermənimi, gürcümü? Amma millətin bir yarısını o biri yarısından ayırmaq ustaları “Nidayi-Gilan”ın gözü qabağındadırlar. Bu ustalar ibarətdirlər Tehran hökumətinin İran Azərbaycanında əyləşən varlı və qeyri məmurlarından: bunlar hamısı farslardır və fars dilindən başqa bir özgə dil danışmırlar. İstər Mərənddə olsun, istər Culfada, istər Astara ya Zunuzda, heç bir kəsin hünəri deyil həmin məmurların yanında bir kəlmə türk sözü danışsın və yazsın. Hələ İran Azərbaycanı səhldir: Naxçıvan, Gəncə, Bakını da tehrançılar fars ölkəsi və burada yaşayan xoşbəxt müsəlmanları elə fars adlandırırlar. Əgər bolşeviklərin batində fikirləri bizi bir-birimizdən ayırmaqdır, bunu ancaq yeri-göyü yox yerdən yaradan bir Allah bilir, bəs sən Tehran hökumətinin qıp – qırmızı politikasına niyə bir söz demirsən ki, hazır qırmızıca bizim Araz otayının Zünuz və mərəndli qardaşlarımızı fars eləmək istəyirlər. Hə, əgər sən düz adamsan, bəs bu işə niyə dinmirsən? Molla Nəsrəddin “Kommunist” qəzeti, 30 dekabr 1923, № 296 * * * Bədbəxtçilik Möhtərəm “Kommunist” qəzetinin 294-cü nömrəsində yoldaş Qarayev müəllimlərin həyatını təmin etmək barəsində söhbət açıb gəlir çıxır “Maarif və mədəniyyət” məcmuəsinə. Bura gəlib çıxdıqda məqalə sahibi deyir ki, bu məcmuənin məzmununu büsbütün dəyişdirməli, “bir çox anlaşılmayan məqalələrin və bir çox tartan-partanların əvəzinə müəllim və müəllimlərə yol göstərici, dəsturül-əməl verici, onların məişətinə dair şeylər yazmalı. Onu müəllim və müəllimələrdən ötrü məcmuə etməli”. * * * Qarayev yoldaş “Maarif və mədəniyyət” məcmuəsində yazılan yazıların adını “tartan-partan” qoyur; amma biz bir özgə cür deyirik: biz deyirik ki, bunların adı məhz bədbəxtçilikdir. Ondan ötrü bədbəxtçilikdir ki, min doqquz yüz iyirmi üçüncü ildə, Azərbaycan Şura Cümhuriyyəti mərkəzi Bakı şəhərində əmələ və kəndli hakimiyyəti əsrində çap olunan “Maarif və mədəniyyət” məcmuəsi elə bir surətdə meydana çıxdı ki, nəinki indinin bu saatında, nəinki beş-on il sonra, bəlkə yüz il də bundan sonra nə Azərbaycan kənd və əmələləri, nə onların nəvə və nəticələri “Maarif və mədəniyyət” məcmuəsini əllərinə almaq istəyəndə, başa düşməyəcək ki, aya orada çap olunan tartan-partan nə dildə çap olunub və niyə və kimdən ötrü çap olunub? Başdan bir-iki məqalə yazanlar, yer üzünün cəmi elm və fənlərini oxuyub qurtaranlar bu zalım oğlu əllameyi-təftəzanilər bir dəfə də olmadı ki, insafa gəlib yazıq millətin azsavadlılarını da nəzərə alsınlar, kənd müəllimlərini[də] nəzərə alsınlar. Sonra. Şeir, şeir, şeir və yenə də şeir. Təzə şairlər, çürümüş şairlər. Mənalı şerlər, mənasız şeir. Hər əsrin şairləri. Hər məsləkin şairləri. Hər millətin şairləri: ərəb, fars, türk. Sonra. Həqiqətdə olmuş şairlər, ixtirai şairlər (yəni heç yox imişlər). Ölçü-biçiyə vuranda məcmuənin yüzdə doxsan doqquz hissəsi nəzmdir. Bircə bunu başa düşmədik, əgər məqsəd təzə ərsəyə gələn cavanları şairliyə tərəf tuş etməkdir – burada dəxi osmanlı şairlərimiz bizim üçün böyük ibrətdir (və böyük iftixardır). Söz yox, dəxi şerdən başqa özgə bir yazıya lüzum yox. Əgər məcmuəni idarə eləyən bir müdir olsa idi, bir müdir əvəzinə on müdir olmasaydı, yəqin ki, bu xatalar baş verməzdi. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 1 yanvar 1924, № 1 * * * İki xilafət Bir neçə gün bundan qabaq qəzetlər yazırdılar ki, Türkiyədə xilafəti qaldırmaq istəyirlər. Mən bu söhbəti eşidəndə çox nigaran oldum: qorxurdum ki, dünya-aləm bir-birinə toxuna, gün məqribdən çıxa, göylərə vəlvələ düşə, yerlərə zəlzələ düşə. Qorxurdum Dəccal xüruc edə və... xülasə canıma çox belə-belə qorxular düşürdü. Doğrudan da, öz aramızdı, necə yəni xilafət aradan götürülsün?! Necə bilirsən, xilafət nədən ibarətdir? Və müsibəta!! Və şəriəta! Cəm olun, ey yer üzünün şiələri!! Agah olun, ey Allahın mömin bəndələri! Din əldən getdi!.. * * * Hələ bir saatlığa tutaq ki, sənin sözün haqq. Sən deyirsən ki, xilafət indiyə kimi bir əsarət zənciri kimi islam millətlərinin boğazına dolaşıb, boğmaqda idi: ayağına dolaşıb, qoymurdu bir addım da qabağa qoysun. Hələ bunu belə deyirsən de: vəbalı – sənin öz boynuna. Amma indi dəxi sözün nədi? İndi də keçirsən müqəddəs ərəb hürufatımıza: deyirsən ki, xilafətnən bir yerdə ərəb hürufatı da gərək aradan götürülsün. Dəxi bu olmadı: sən xilafətə sataşanda mən görürəm ki, dünya bərbad olacaq. Amma sən ki, xilafətin üstə ərəb hürufatını artırırsan, elə doğrudan da nəinki Dəccal, bəlkə Sahibəzzaman özü də dörd nayibi ilə birdən zühur edib, Türkiyə liberallarının baş-gözünü vurub əzəcək. Molla Nəsrəddin “Yeni yol”, 11 mart 1924, №6 * * * Əliqulu Nəcəfov “Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur. Bu gün onun ölümünün beşilliyidir. Həmin qəzetdə yer olmadığı səbəbdən mərhum yoldaşımın barəsində təfsilat verməyi sonraya qoyuram. Ancaq bu gün keçmiş günləri yada salıb, hədsiz təəssüflər edirəm. Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəni öz köməyindən məhrum qoydu. Mənim yəqinimdir ki, Əliqulu Nəcəfovu tanıyan və onun yazıları ilə vaxtında fərəhlənən cəmi oxucu və dostlarımız mənimlə bərabər bu gün onu yada salıb qəlblərinin dərinindən qəmgin olacaqdır. “Molla Nəsrəddin” məcmuəsinin müdiri: Cəlil Məmmədquluzadə “Kommunist”, 14 mart 1924, № 60 * * * Şeir nəşəsi “Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb: “İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”. “Molla Nəsrəddin” məcmuəsinin də 5-ci nömrəsində belə yazılıb: Şeir nəşəsilə məst olan şairlər tək bir Azərbaycanda deyil; Türkiyədən başlamış yer üzərində yaşayan cümlə müsəlman qələm sahibləri şairdirlər. Nə qədər ki, Qərbdə, yəni elm və fənn ilə, texnika ilə şöhrət tapmış millətlər arasında eşq və məhəbbət şairləri azdırlarsa, o dərəcədə biz cənnətin hurilərini xəyal ilə qucaqlayan islam ümməti içində eşq və məhəbbət şairliyi günü-gündən artmaqdadır. Onunçün də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır, bizlərdə də xəyalat “mədəniyyəti” şöhrət tapmaqdadır. Orada qələm sahibi öz fikrini sadəcə kağıza götürüb ildırım itiliyi ilə dünya və aləmə yayır, bizlər də sol ovcumuza bir balaca kağız alıb, gözlərimizi göyə axıdıb, qafiyə axtarırıq və məzmunu vəzn qafiyəyə qurban gətirib şeir yazırıq. Məzmun da ki, həmin bir məzmundur: eşq və məhəbbət. Allahın rəhməti olsun sədilərə və hafizlərə, nəbati və bunlara təqlid edən min-min bədbəxt şairlərə ki, onların tərbiyəsi altında meydana çıxan həmin cavanlardır ki, “Şərq qadını”nın üçüncü nömrəsinə kimi qırx beş mənzum əsərdə qırx beş yarın, yəni qırx beş elmsiz müsəlman qızlarının qara saçlarını və qırmızı yanaqlarını qafiyəyə düzüblər. Nəticə: nəticədə millət avam, millət cahil, millət ac!.. Bir surətdə ki, hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət etmək. Xoşbəxtliyin əvvəlinci şərti toxluqdur ki, bunun üçün də çörək yaratmaq zəhməti lazımdır. Bu ola gərək hər bir qələm sahibinin amalı! B. Mürşüd yazan kimi: Bu dünyayə dərd çəkməyə gəlmədim, Hicrə düşüb yaş tökməyə gəlmədim, Yar yoluna göz dikməyə gəlmədim, Eşq ilə yanmaqçın yaranmamışam. Qarnımı heç qara gözlər doyurmaz, Mən ac qalmaq üçün yaranmamışam. İxtiyar məndə olsa, şeir nəşəsini qədəğən elərəm, necə ki, tiryək nəşəsi qədəğəndir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 6 aprel 1924, № 5 * * * Köhnə dərdim Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm. Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən? Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmatından! Və azad edəndən sonra azad Şərq qadınını tərbiyə etmək, ona həqiqi yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək ki, bəxtiqara Şərq qadını gözünü açıb, çıxsın Şura əsrimizin geniş meydanına və cürət ilə desin: “Mənim də bu dünyada yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam!”. Budur, Bakıda bir il bundan qabaq çıxmağa başlayan “Şərq qadını” məcmuəsinin arzusu və amalı! Nə müqəddəs vəzifə! Nə ali məqsəd! Onunçün də iftixar etsinlər gərək məcmuənin baniləri, ruh verənləri, əhli-qələmləri və nə surətdə olmuş olsa ona kömək göstərənlər. Çün Şərq inqilabı tarixində “Şərq qadını” kimi bir əsrin xidməti gözəl sütunlarla qeyd olunacaqdır. Mənim buna etiqadım möhkəmdir. C. Məmmədquluzadə (Molla Nəsrəddin) “Şərq qadını” jurnalı, oktyabr 1924, № 10 * * * Füzuli Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın. Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir. Füzuli bir Hilləli olub, Bağdadda böyüyüb, özü də kitabında and içir, qəsəm edir ki, vallah-billah mən doğulduğum yerdən heç yerə getməmişəm. Buradaca ölüb, basdırılmışam. Özüm də 970-ci ildən sonra heç dünyada olmamışam. İndi “Molla Nəsrəddin” başlayıb ki, xeyr, Füzuli səhv edib, yazıb. Füzuli bizim məcmuədə işləyir. Yenə də işləyəcəkdir. İnanmırsınız, götürünüz “Molla Nəsrəddin” məcmuələrinin 20 illiyini tökünüz qabağınıza. Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir düz vardır. Şairlərimiz burada deyəcəklər ki, “Molla Nəsrəddin” bizi bihörmət elədi. Bizə iqtibasçı dedi. Əstəğfürulla, “Molla Nəsrəddin” bu sözü heç vaxt deməz. Amma nə çarə eləyək? Keçmiş əsrlərdə gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıbdır. Bu gün Arifin və başqa İran şairlərinin əsərlərini götürüb, axtaranda görərsən ki, yenə şeri yazanda Sədini yadına salmışdır. Onun kimi bizim türk əruz şairlərimiz də şeri yazanda Füzuli gəlib, durur gözünün qabağında. Deyir ki, öləsən də mənim təsirimdən çıxa bilməyəcəksən. Molladan yazmaq istəsən yazmışam, varlıdan yazmışam, rüşvətxordan yazmışam. Bu gün get, sabah gəldən, yəni zaftra-zavtradan yazmışam. Bütün işini-gücünü, dərsini buraxıb şeir yazanlardan yazmışam. Müxtəsər, hər şeyi əhatə eləmişəm. Nə qədər bu üsul varsa, mən də varam. Mənim üsulumu atıb-gedən məzəçilər daxi Əbülhamidin və başqalarının şeirlərinin başına iqtibas oyunu gətirəcəkdirlər. Biz vətən cəhətinə yox, ancaq bu kimi cəhətlərə görə deyirdik: – Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədibəsi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görülməkdədir. Füzuli Sultan Səlim, Sultan Süleyman, Şah İsmayıl, Şah Təhmasib dövrlərindəki insan qırğınlarını görüb, feodal dövrünün ən qızğın vaxtında yetişmiş bir şairdir. “Molla Nəsrəddin” sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli şeir dövrünün hazırladığı yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir. “Molla Nəsrəddin”, 23 may 1925-ci il, № 21 * * * Bir az da özümüzdən “Yeni fikir” yoldaş! Keçənlərdə barəmizdə, yəni “Molla Nəsrəddin” haqqında bir tənqid yazmışdınız. Sözün doğrusu, bu tənqid deyildi. Bəlkə barəmizdə bir tərifnamə idi. Hətta bilmək istəsəniz məcmuəmizin satışına da xeyli təfəvüt etdi. Belə ki, məcmuəmizin satışı bir-iki yüz də artdı. O zamandan hey fürsət axtarırdıq ki, biz də sizə bir yaxşılıq edib, xəcalətinizdən çıxaq. İndi əlimizə belə fürsət keçdiyi üçün bu xəcalətdən çıxmaq istəyirik. Ancaq dərd burasındadır ki, bizim tərifimiz tərsinə olacaq. Nə edəsən ki, bizimki əvvəldən belə gətiribdir. Ağzımızı xeyirliyə aça bilmirik. Düz ilə işimiz yoxdur. Yaxşılığınıza yamanlıqla cavab verəcəyik. Yenə deyirik ki, bizim bu yamanlığımız məcmuəmizin təbiətindəndir. Yəni : Hişi – əğrəb nə əz rəhi-kin əst, Müğtəzayi-təbiətəş in əst. Nə isə, mətləbə keçək. Əsl məsələyə keçmədən əvvəl oxucularımıza köhnə Molla Nəsrəddinin bir lətifəsini xatırlatmaq istəyirik: Molla bir gün arvadına deyir ki, evdə pendir varsa, ver bir az yeyək. Mədəyə xeyri vardır. Arvad yox cavabını verdikdə Molla da deyir ki, yaxşıdır ki, yoxdur. Dişə çox zərəri var. Arvad soruşur ki; – A kişi, o dediyinə inanaq, ya sonra dediyinə? Molla cavab verir ki; – Varsa, əvvəl dediyimə. Yoxsa, sonra dediyimə. İndi bizim “Yeni fikir” yoldaşımızın işi Mollanı da keçibdir. Biz də lap məəttəl qalmışıq ki, yoldaşımızın hankı dediyinə inanaq. Çünki Mollanın arvadının şəkki bir ilə iki arasında idi. Bizim şəkkimiz isə üç ilə dörd və bəlkə dörd ilə beş arasındadır. Bir-bir sayaq: Ə.Şərif məqalə yazır: “Yeni fikir” çap edir. Ə.Qərib yazır ki, Ə. Şərif tartan-partan yazır. “Yeni fikir” çap edir. Ə.Şərif də, Ə. Qərib yazır ki, tartan-partan sənin yazdıqlarındır. “Yeni fikir” yenə çap edir. Gənc də yazır ki, Ə. Şərif də, Ə. Qərib də həcvguluq edirlər (yəni ikisi də tartan-partan yazır ). ”Yeni fikir” bunu da çap edir. bunların hamısını deyən “Yeni fikir” yoldaşımızdır. İndi biz Mollanın arvadı kimi “Misala münaqişə yoxdur” məəttəl qalmışıq ki, hankıya inanaq? Tartan-partan yazan: Ə.Şərifmidir? Ə.Qəribmidir? Yaniki hər ikisimidir? Bəs onda gənc haqsızmıdır? “Yeni fikir” yoldaşımızın əvəzinə yenə özümüz cavab verərik. Biz olsaydıq əvvəldən ya tartan-partan yazana meydan buraxmazdıq. tartan-partana heç olmazsa gənc yoldaşdan əvvəl, bundan belə tartan-partan yazmağı idarə adından tövsiyə edərdik. Oxucularımız qoy bizim biri-birimizlə bu səmimi qonuşmamızdan sıxılmasınlar. Həmişə siz oxucularımızdan yazırıq. Ara bir özümüzdən də yazanda qiyamətmi qopar? “Yazıçı” “Molla Nəsrəddin”, fevral 1926, № 7 * * * “X” hərfi “Ölmək ölməkdi, xırıldamağa nə var” Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam. Söhbət türkoloji qurultaydan düşdü. Mən dedim ki, ola bilər ki, həmin qurultay “X” hərfini türk hərflərinin içindən bilmərrə çıxardıb tullaya. Qoca müəllim təəccüb elədi və bu söz ona xoş gəlmədi. Çünki özü köhnə ədəbiyyatımızın təsiri altında tərbiyə tapdığı cəhətdən yazımızdan “X” hərfinin kənar olmağını xoşlamadı. O, nə qədər “X” hərfli türk kəlmələri söylədisə, mən onu inandırdım ki, bu kəlmələrin hamısının “X” hərfi “Q” hərfinə əvəz olacaqdır. Dostum dedi: “Bax”. Mən dedim: “Baq” O, dedi: Qorxmaq. Mən dedim: “Qorqmaq”. O, dedi: Oxumaq, mən dedim: Oqumaq. “X” səsi bir qaba səsdir və türk dilinə yarayan deyil. Bizim üçün də bu səsin heç lüzumu da yoxdur. Buna görə də gərək bundan sonra türk dilində nə “X” səsi ola və nə də bunun əlaməti “X” hərfi yazıla. Əlbəttə, dilimizdə işlənən ərəb və fars sözləri bura daxil deyildir. Məsələn: Xoruz, xəbər, xiyar və qeyriləri. Vaqiən mənim dostum çox məzəli və çox adam güldürən bir vücuddur. Ona xoş gəlməyən bu sözləri məndən eşidib, ayağa durdu və and içdi ki: – Sənin əziz canın üçün hərçənd deyirlər ki, qurultaya hər bir kəsi daxil olmağa qoymayacaqlar. Çünki yer azdır. Amma mən bir fənd ilə özümü ora salacağam və qurultayın qərarlarının intizarında olacağam. Elə ki, gördüm bəli, söhbət o yerə gəlib çıxdı ki, güya türk dilində “X” səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb, başlayacağam xoruldamağa. Məclisə səs düşəcək ki, ədə, o xoruldayan kimdir? Yanımdakı adamlar deyəcəklər ki, burada bir qoca müəllimi yuxu tutub, yatıbdır. Onda mən birdən gözümü açıb, qurultay üzvlərinə deyəcəyəm: Hey, nə deyirdiniz? Türk danışığında “X” səsi yoxdur. Bəs bu saat mənim xoruldamağımı eşidib, özünüz soruşdunuz ki, burada xoruldayan kimdir? Biz hamımız gülməyə başladıq və dostum da paltosunu geyirdi ki, çıxıb getsin. Gedə-gedə yenə belə deyirdi: Siz öləsiniz, əgər bu fəndim tutdu, tutubdur. Əgər tutmasa, yalandan özümdən gedəcəyəm və bihuş olub, yıxılacağam və başlayacağam xırıldamağa. Onda yenə qurultay əzası təşvişə düşəcəklər və dilə gəlib, soruşacaqlar: – A balam, o xırıldayan kimdir? Burada mən yenə birdən gözümü açıb deyəcəyəm: – Hey, indi də hünəriniz varsa, mənim xırıldamağıma “qırıldamaq” deyiniz görüm. Siz öləsiniz, elə xırıldamaqdır ki, xırıldamaqdır. Qırıldamaq-zad yoxdur. Mozalan “Molla Nəsrəddin”, mart 1926-cı il, № 9 * * * Ərəb əlifbası Biz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə. Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək. Əvvəla, buradan başlamaq lazımdır ki, hələ Şah Abbas əsrində ərəb hərflərinin bir neçəsinin islahı söhbəti danışılırmış. Təqribən üç yüz sənə bundan əqdəm bağdadlı Şeyx Hilmi hərflərin bir neçəsinin yazı şəkillərinə təğyir vermiş imiş. Şah Abbasın məscid memarlarının qoltuq ciblərində həmişə Şeyx Hilminin islah olunmuş əlifbası olarmış ki, məscid divarlarının yazılarını təzə üsul ilə yazsınlar. On birinci əsrin əvvəllərində Mədinədə Mədrəsəyi-Hüseyniyyə müdərrislərindən Məhəmməd ibn İmran əlifbanın nöqsanı və yazıb-oxumaq üçün hər bir babətdən əlverişli olmadığı barəsində yazdığı risalə o vədə xeyli qulü-qal törətmişdi. Hətta bir rəvayətə görə həmin risalənin surəti İran zəvvarı Hacı Səməd Qəzvini vasitəsi ilə İrana daxil olandan sonra mərhum Mirzə Mülküm xanın əlinə düşür. Sonralar məşhur əlifbaçı Mirzə Məhəmmədəli Üveysi, Mirzə Rzaxan Səfir və Mirzə Fətəli Axundovun əlifba inqilabı yolunda çalışmaqlarına səbəb olur. Hal-hazırda Nəcəf ül-əşrəfdə əlifbaçılar üç məsləkə mənsubdular: Ərəb əlifbası tərəfdarları. İslahçılar. Latın əlifbası tərəfdarları. Ərəbistanın Məkkə, Mədinə, Kərbala, Bağdad və Nəcəf ül-Əşrəf və qeyri böyük şəhərlərində yeni ərəb əlifbası yolunda böyük danışıqlar var. Hələ Cahiliyyə əsrində bina olunmuş Məkkə darülfünunun tarix dərsi müəllimi və Paris Sarbon darülfünunda iki fakültə tamam etmiş Ələddin Şəcəri bir neçə il bundan əqdəm müdavimlərinə verdiyi bir konfransda demiş: ey mənim balalarım, mən görürəm ki, bu bədbəxt heroqliflər sizin gözlərinizi piş əz vaxt kor edir və bunun üçün də mənim ürəyim sizə həmişə yanmaqdadır. Qeyri ərəb şəhərlərində ərəb və latın əlifbası mabeynində belə-belə mübarizə hərdənbir baş verməkdədir. Demək ərəb əlifbasının bivəch olmağını heç ərəblər özləri də inkar etmirlər. Amma bilmirəm indi içimizdə ərəb əlifbasını müdafiə edən türk balaları ərəblərin hansından vəkalət alıb, döşlərini qabağa verib, ərəb cızma-qarasını təsdiq etməkdədirlər. Ləzzət burasındadır ki, ərəblər də bir vaxt bu cızma-qaranı bilmərrə buraxıb, adam əlifbasını qəbul edələr. Ay keyf ondadır ha! O vaxt pislik hamısı bizə qalacaq. “Əbcəd, həvvəz, hütti, kələmən, səfəs, qürşət, təxəs, zəzəc”. Ay keyf ondadır ha! Cırcırama “Molla Nəsrəddin”, mart 1926-cı il, №11 * * * Biblioqrafiya (Ziya Paşa və Derjavin) Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır. Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur: – Aya, rəvadırmı indiki yaşadığımız əsrdə ki, şahlar nüfuzu altından təzə xilas olmuş avam kəndli və əmələ camaatı bizdən fikirlər açan azad mətbuat gözləyir, – bunun əvəzində peşəsi rus padşahlarının şənində mədh və qəsidə yazmaqla məşhur olan bir boşboğaz, təməllüqçü və böhtançı Derjavinin əsərlərinin çapına bu qədər pullar sərf edək? “Pravda” qəzetinin həmin iradına “İzvestiya” qəzetində bir neçə dəyərli cavablar oxuduq. Bunların biri məşhur kəndli və əmələ yazıçısı yoldaş İvanovun məqaləsidir. Biri də Qazan ruhani Darülfünunun professoru Markinin cavabıdır ki, bir neçə il bundan qabaq Bakı Darülfünunun Şərq fakültəsində osmanlı ədəbiyyatı müdərrisliyinə dəvət olunmuşdu. Bu iki cavabın biz şərqlilər üçün şayani-əhəmiyyət olanı haman Markinin Derjavin barəsində nəzəriyyəsidir. Markin yazır: – Doğrudur, biz yer üzünün zəhmətkeşləri cəmi padşahların və soltanların qəddar düşmənləriyik, necə ki, onlar da bizim düşmənlərimizdirlər. Yenə doğrudur ki, öz qələmi ilə padşahları və soltanları vəsfə çəkən hər bir qələm sahibi gərək bizim bədxahımız hesab oluna; amma buradan şairlər müstəsna olmalıdırlar. Səbəb də budur ki, şair dediyin Allahın doğma bacısı oğludur ki, [biz] Qərb tayfaları onları necə ki, lazımdır təqdir edə bilməmişik; amma Şərq millətlərinin içində şairlər əhalinin qənaət və əfkarında qibləgah mənziləsində bir mövqe tutublar. Götürək, məsələn, Azərbaycan nəşriyyat işlərini. Orada təzə çapdan çıxan böyük divanlar içində gözə sataşan türk ədəbiyyatı tarixində məşhur Ziya Paşa haqqında kitab sahibi belə yazır: “Fransızların əfkarında böyük inqilab yapan Jan Jak Russonun “Emil” adlı kitabını türkcəyə tərcümə edən Ziya Paşa bir gün Soltan Əbdüləzizlə görüşmüş və məqami-təşəkkürdə atidəki şərqiyi söyləmiş: Dərdinlə görsən nə hala girdim, Varımı, canımı yoluna verdim. İllərcə vəslini gözlədim durdum, Dünya gözü ilə bən səni gördüm. Ömrümdə bu gün murada erdim. Şəninlə sənin dünyalar dolsun, Səbəb olanlar o qadar bulsun, Bin kərə həqqə şükürlər olsun, Dünya gözü ilə bən səni gördüm, Ömrümdə bu gün murada erdim”. Jan Jak Russonu da tərcümə etmək olar, soltana qəsidə də söyləmək olar; bunun heç eybi yoxdur. Məqalə sahibinin bu sözünün müqabilində bir paraları da belə deyir: – Əgər Ziya paşaların və qeyri köhnə şairlərin şahnamələrini və qəsidələrini biz indiki əsrdə çap edirik ki, asari-ətiqə cümləsində muzeylərdə bir yadigar qalsın, – bu bir qeyri məsələdir. Amma söz buradadır ki, köhnə şairləri təzə oxuculara qələmə vermək və onları yazmaq üçün padşahları tərif haqqındakı şeirlərindən başqa şey tapmamaq da başqa məsələdir. Dəli “Molla Nəsrəddin”, 10 aprel 1926, № 15 * * * “Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından Elan Əbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir. Bizə qalsa, bu yubiley hələ tezdir. Yaxşı olardı ki, bir yüz il də gözləyərdik. Biryolluq möhtərəm ədibin yüz otuz beş illik fəaliyyəti gəlib çataydı. Çünki yazdıqları əsərlər də hələ azdır. Ancaq on-on beş böyük əsər və pyeslərdir. Bir o qədər kiçik əsərlər, vodevillərdir, bir o qədər hekayədir və hədsiz böyük və kiçik məqalələrdir. Bunlar hamısı keçəndən sonra Əbdürrəhim bəy Haqverdiyev hər bir şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından ta bu vaxtadək məcmuənin ən yavuq əməkdaşlarından və məsləhətçi dərəcəsində yoldaşlarından hesab olunur. Köhnə yoldaşımızın bu dünyada başına nə qəzavü qədər gəlsə, qəlbimiz həmişə onun yanında olacaqdır. Onun üçün də qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubiley bayramını “Molla Nəsrəddin” məcmuəsi öz bayramı kimi alqışlayacaqdır. “Molla Nəsrəddin”, 22 yanvar 1927, № 4, səh 7 * * * Müdafiə həftəsi Oxucularımıza məlumdur ki, həmişə Şuralar İttifaqı əleyhində olan İngiltərə hökuməti bu axır vaxtda da cidd-cəhdlə bıçaq işlətməkdədir ki, bəlkə bir vəsilə ilə kəndçi-əmələ hökumətimizi aradan götürüb, özünü kommunizm ehtiyatından həmişəlik xilas etsin. Bu qara niyyətini yerinə yetirmək məqsədi ilə Çemberlen hökuməti dünyada daha məmləkət qalmayıb ki, oraya əl uzatmamış olsun və oradan özünə kömək istəməmiş olsun. Bu yolda İngiltərə hökuməti böyük-böyük paralar sərf etməkdədir ki, Şuraların düşmənlərini bir yerə toplayıb onları qüvvətləndirsin və kəndli-əmələlərin üstünə küşkürtsün və beləliklə dünyanı çalxalayıb öz məramına çatsın. Şura-İngiltərə münasibəti kəsiləndən bu yana görürük ki, məğrib tərəfdəki qonşu Baltik Hökumətləri, xüsusən Polşa, Rumıniya – hərə bir növ mıqqıldamağa başlayıbdırlar. Aşkardır ki, həmin vüquatın vücudu ilə Şura İttifaqı, həmişə sülh və müsalimət axtaran Şura İttifaqı daha xab-qəflətdə qalmağı əlbəttə, özünə rəva görməyəcəkdir və bərayi-ehtiyat özü üçün lazımi tədbirlər tökəcəkdir. * * * Budur, müdafiə həftəsinin mənası ki, gündəlik türk qəzetimizdə oxucularımız bunun təfsilatını bişəkk oxuyub agah olublar. Biz öz tərəfimizdən burada bunu qeyd edə bilərik ki, indiki müdafiə həftəsinin mənasını və əhəmiyyətini ancaq o kəslər dərk edə biləcək və tərəfdar ola biləcək ki, zəhmətkeşlərin həqiqi dostu və tərəfdarlarıdır. Onun üçün də köhnəpərəstləri və keçmiş zamanların arzusunda olanları kənarda qoyub üzümüzü tuturuq öz həqiqi məsləkdaşlarımıza, yəni cəmi zəhmətkeş dostlarına və ümid edirik ki, məmləkəti müdafiə etmək yolunda hökumətimiz tərəfindən təyin olunan müdafiə həftəsində hər bir kəs özünə yaraşan köməkliyi heç bir vəchlə müzayiqə etməyəcəkdir və bu köməklikdən boyun qaçırmayacaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 14 iyul 1927, № 29 * * * Məşədi Sicimqulu “Kefsiz” Keçmiş günlərdən “Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”. Ey dil, dəxi dinmə və sukut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol və danışma! və i. a. Necə ki, məlumdur, bu şeiri yazan əsla şair deyil idi. Bu bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməkdə biz həqiqi “Molla Nəsrəddin” şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sicimqulunu axtarırdıq. Bir tərəfdən birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik və digər tərəfdən də Sabirin və Məşədi Sicimqulunun dünyada varlığından xəbərdar deyildik. Əlimizdə də bu bir neçə yalançı şer parçalarından qabil bir şey yox idi. Ancaq bunu deyə bilərik ki, öz-özlüyündə naciz bu şerlər çox böyük nəticəyə səbəb oldu: Şirvan torpağında, qazı Hacı Məcid əfəndi kimi canavarın qorxusundan sabun tiyanı dalında gizlənən Ələkbər Sabirin əlinə “Molla Nəsrəddin”in həmin birinci nömrəsi çatır, oxuyur. – Pəh, pəh, pəh! Maşallah! Qələmi ver mənə. Ay arvad, sən də qapıları bərk bağla! Məni soruşan olsa de ki, gedib sabun satmağa. Məbadə Hacı Məcid əfəndinin müridləri və qoçuları xəbərdar olalar! Yoxsa məni səngisar edərlər. Al gəldi, Molla əmi: Bilməm nə görübdür bizim oğlan oxumaqdan, Dəng oldu qulağım! Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan, İncəldi uşağım! Ağlın aparıb bəs ki, baxır gündə qaraya. Yarəb, nə həmaqət! Söz etməz əsər, çarə qalıb indi duayə, Tədbir elə, övrət! və i. a. Yenə: Bu çərxi-fələk tərsinə dövran edir indi, Fəhlə də özün daxili-insan edir indi! Hə! Necə oldu “Molla Nəsrəddin”in “Lisan bəlası”nın şairi? Səsini xırp kəsdi və kəsməkdən savayı özgə bir əlacı yox idi. O səbəbə ki, Sabir mərdi-mərdana özünü tulladı “Molla Nəsrəddin” meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, hətta bəlkə özünə bərabər olan Məşədi Sicimqulunu da xeyli bir vaxt sükutda saxladı və elə yadıma gəlir ki, Sabirin “Molla”da zühurundan ta ilyarıma qədər Məşədi Sicimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı. Və lakin ruslar demişkən, “heç bir şər yoxdur ki, orada xeyir olmasın”. Bu halı biz burada böyük bir mayeyi-təsəlli sanırıq. Məşədi Sicimqulu bu ilyarımın müddətində qələm ilə bizə kömək etməkdə özünü bizdən uzaq saxlamadı. Belə ki, bu müddətdə idarəmizə beş-on parça nəsrlə yazılmış şirin məqalə göndərdi. Bir surətdə ki, o vədələr Gəncə aləminin növ-növ guşələrini dadlı və duzlu dil ilə təsvir edən haman məqalələr öz vaxtında xeyli qiymətli idilər. Bunu unutmamaq ki, Sabirin şairlik qüvvəti-qələmi Məşədi Sicimquludan artıqdırsa da, ikincisinin mənsur qələminin mislini biz Sabirdə tək bircə dəfə də görmədik. Məşədi Sicimqulu Kefsizin “Əlidəyənəkli” imzası ilə birinci mənsur məqaləsi gəncəli Bəşir Hacı Hüseyn oğlunun çinar ağacına çıxıb, dolaşa quşunu düşürməyinin rəvayətidir ki, məcmuəmizin birinci ilinin 11-ci nömrəsində (1906-cı ildə 16 iyunda) dərc olunubdur: “Neçə gündür ki, 18 yaşında Bəşir Hacı Hüseyn oğlu çıxıb çinar ağacına dolaşa düşürsün. Quşu tutub cibinə qoyandan sonra ağacdan yıxılıb, qılçası sınıb, aparıblar evə, atası gəlib deyib: – Oğul, necəsən? Quş cibində ölməyib ki? Sağdırmı? Deyib: – Sağdır. Atası çox şükürlər edib ki, nə yaxşı quş ölməyib, sağdır. “Əlidəyənəkli” Əz tərəfi: Bu bir neçə sətirdə, doğrudur ki, vəzn və qafiyə yoxdur, bununla bərabər, Məşədi Sicimqulunun qələmindən törəyən belə-belə duzlu rəvayətlərin və zərif məzhəkələrin vəzn və qafiyəyə heç ehtiyacı yoxdur. On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. Atası gəlib oğlunun yıxılmasını gördükdə, onun qılçasının sınmağının qeydinə qalmır, ancaq oğlunun cibindəki quşun əhvalını soruşur; çünki atası özü də quşbaz imiş. Bu bir neçə sətir ilə şairimiz bir bunu demək istəyir ki, on səkkiz yaşında Bəşir gərək dərsdə ola, gərək bu yaşda məktəbi bitirməkdə və uca məktəbə daxil olmaq fikrində ola, nəinki ağaca çıxıb quş tutmaqda ola. Bir də məqalə sahibi bunu istəyir desin ki, Bəşirin atası ki, gəlib oğlunun qılçasını sınmış gördü, lazım idi ki, fövri oğlunun dərdinə qala, onun müalicəsinin dalınca ola, fövri təbib gətirdə, oğlunun bu sində quş dalınca düşməyinə dilgir ola; amma bunların hamısının əvəzində, oğlunun qılçasının sınmağına əsla mütəəssir olmayıb, ancaq quşun qeydinə qalır; ancaq dolaşanın səlamət olmağını axtarır. Məşədi Sicimqulu şairimizin ikinci məqaləsi məcmuəmizin birinci ilinin 14-cü nömrəsində çap olunub. Burada şair kitabfüruş Kərbəlayı Təbrizinin dilindən idarəmizə şikayət yazır; yazır ki: “Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdümazarlıq? Ay kişi, sən mənim bazarımı kasad eləyirsən. Üç aydır ki, məndə olan kitablar heç satılmır. Qabaqdan mağıl yaxşı satırdım, amma indi bir neçə kitab var, mənə cərimə olubdur; çünki daha satılmır. “Cameüddəvat” – 50 cild, “Təbiri-xab” – 30 cild, “Gülsüm nənə” – 270 cild, “Qırx sual” – 160 cild. Əgər bunların pulunu göndərdin, xub, göndərməsən, gedərəm Marağada Molla Şükürün falaqqasını gətirərəm Tiflisə, sənin ayaqlarını falaqqaya qoyub o qədər döyərəm ki, ölərsən. Bəsdir bu qədər mərdümazarlıq!”. “Bəsdir bu qədər mərdümazarlıq” – şairimiz deyir. Şairimiz “Molla Nəsrəddin”in mövhumata çəkdiyi hücumunu lazımınca dərk etdiyindən, bunu düşünübdür ki, təzə tutub getdiyimiz yol həqiqətdə kərbəlayı kitab-füruşlara mərdümazarlıqdır. O səbəbə ki, “Molla Nəsrəddin”in vücudu ilə “Cameüd-dəvat”lar və “Xabnamə”lər daha mürur ilə hörmətdən düşəcəklər və hətta məktub sahibi bizi bir tövr hədələyir də: bu tamahkar kitabfüruşun zərərini göndərdin, – xub, əgər göndərməsən, Marağadan Molla Şükürün falaqqasını gətirərəm, Tiflisdə ayaqlarını falaqqaya qoyaram! Güman etmək lazımdır ki, falaqqa qorxusunu şairimiz Gəncə mollaxanalarında uşaqlıqda çox çəkibdir. – Ədə, qırışmal, dərsini sabah əzbərləməyib gəlsən, ayaqlarını falaqqaya qoyaram! Amma məktub sahibinin hirsi Molla Şükürün hirsindən qəliz imiş; ta o dərəcəyə kimi ki, falaqqanı götürüb ta Tiflisə kimi gəlmək istəyir. Məcmuəmizin birinci ilinin 15-ci nömrəsində Məşədi Sicimqulu Kefsizin bir məktubu çap olunub. Bu məktubun, sahibi üçün xüsusi əhəmiyyəti budur ki, ərəb hürufatını tənqid edir. Demək, haman məktub, şair Məşədi Sicimqulunu keçmişdə ərəb hürufatını xoşlamayanlar cərgəsinə daxil edir. Məktubun məzmunu belədir: “Ağdaşdan bir nəfər, ağa Qulam Tağıyev öz müştərilərinin birinə bir kağız yazıbdır və haman kağızda bir belə şəkil çəkibdir: Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib; Gəncədə də ki, savadlı molla tapmaq mümkün deyildir. Axırda gətirdi mənə, mən də neçə gündür zərrəbin, nə bilim nələr vasitəsilə nə qədər edirəm, oxuya bilmirəm. Tacir yazıq da qalıbdır beləcə məəttəl. Nə eləsin? Nə hesabını başa düşə bilir, nə kitabını; nə mayasını qana bilir, nə qazancını. Yazıqdır, gör buna rəhm eləyib oxuya bilərsənmi?.. İmza: “Qanacaqsız” İdarəmiz o vədə şairin həmin məktubunun qurtaracağında ona bir belə cavab verdi: “Məktubda çəkilən şəkli biz oxuduq və oxumaq çox asan imiş, yazılıb: “Müsəlman hürufatını icad eləyənə beş min rəhmət!”. Necə ki, məlumdur, o vaxt biz həmişə ərəb hürufatı ilə də mübarizədə olmuşuq və bu mübarizədə bizə ən yavuq köməkçi Məşədi Sicimqulu kimi qələm yoldaşlarımız olubdur. Məcmuəmizin birinci ilinin ərzində Məşədi Sicimqulu Kefsizin mənsur məqalələrinin axırıncısı “Cavan ilə hacı ağanın şirin söhbətidir” ki, haman ilin 13-cü nömrəsində çap olunubdur. Bu məqalədə bir cavan üzünü bir nəfər hacıya tutub deyir: “ – Hacı ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxana kimi bir şey açmaq istəyirik ki, qəzetdən-zaddan gətirib camaatı əhvali-zəmanədən xəbərdar edək. Siz nə qədər mərhəmət edirsiniz? Hacı: – Necə? Mən helə çərən-pərənə pul-zad vermərəm! Rəhmətliyin uşağı! Qəzeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həramə soxmaq istəyirsən?! Təzə “məssəb” çıxartmısınız? Cavab: – Neynək, bu dursun. Yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar; o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür. Onların birisinin xərcini siz veriniz, hacı, savabdır. Hacı: – Mənciyəz qələt elərəm! Savab olan şeyi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyləyir? Əgər “təmiz” uşaqdır, gəlsin mənim evimə qulluq eləsin, yemək-içmək verim, vəssəlam! Get ağlını başına yığ!..” Bu bir neçə sətrin mənası, bir neçə sətir yox, bəlkə bir neçə səhifəyə sığışan bir mətləbdir. Əvvələn, köhnəpərəst bir hacının, başı savab və axirət ilə dolu bir hacının qəzetdən zəhləsi gedir: nəinki onu məscidül-həramə gətirməyə razı olmur, hələ bəlkə küçədə də qəzet oxuyanı görə bilmir. İkinci, hacı, yetim uşağın məktəb xərcindən qaçır və hətta onun dərs oxumağını da lüzumsuz görür. Üçüncü, həmin mömin və müqəddəs hacı, yetim uşağı öz evinə qulluq etməyə çağırır, bu şərtlə ki, uşaq “təmiz” olsun. Burada hacı axtardığı təmizliyin mənasını hacı özü də başa düşür və biz də başa düşürük: hacıya göyçək uşaq lazımdır! Məşədi Sicimqulunun nəsrilə yazılmış duzlu məqalələrinin biri “Molla Nəsrəddin”in ikinci ilinin 35-ci nömrəsində dərc olunubdur. Burada şairimizin, Gəncə fahişəxanalarının bağlanmağı münasibətilə sərgərdan qalan cavanlara yazığı gəlir və deyir ki: “Bəs biçarələr nə eləsinlər? Gəncə elə bir şəhər deyil ki, adam qüssə edəndə bir yer ola, adam gedə, ürəyini aça. Necə ki, Bakıda qüssə əl verəndə adam gedir dərya kənarına və dəryada çimənlərə tamaşa edib ürəyini açır”. Məqaləsini şairimiz bir belə məzhəkə ilə tamam edir: “Xülasə, Allah baisin evini yıxsın, qapısını onların, yəni fahişələrin qapısı kimi bağlar qoysun ki, xalqı avara saldı! Bu gün cavanların axırını görürəm: bir parasının əlacı kəsilib, gedib küçədə 8 – 9 yaşında oğlanlar ilə “gildirim parç” oynayacaqlar. Xülasə, Allah baisin evini yıxsın!”. Bəli, “Molla Nəsrəddin” məcmuəsinin davamının tamam ilyarımı keçdi və bu müddətdə hələ Məşədi Sicimqulu Kefsiz “Molla Nəsrəddin”də nəzm ilə yox, nəsr ilə yazmağa məşğuldur və bu ilyarımın müddətində Sabir dad-bidad etməkdədir. Məşədi Sicimqulu hələ dinmir və səbəbini özü də bilmir. Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər də asan olmaya gərək. Məcmuəmizin nəşrinin birinci-ikinci illərində Zəngəzurda böyük aclıq üz vermişdi. Aclığa bais bir tərəfdən taxılın qıtlığı və digər tərəfdən bəzi hadisələrin nəticəsində yolların bağlanması idi. O vaxt biz məcmuəmizin 12-ci nömrəsinə “Qulibiyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza təntənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Tömeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sicimqulu Kefsiz də meydana çıxdı və “pənah Allaha” – deyib, Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şerini göndərdi. Məşədi Sicimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbi-şerini büruzə verən haman “Temeyi-nahar” olubdur. Bunu da lazımdır qeyd etmək ki, Sabirin bu əsəri ilə Məşədi Sicimqulunun ona cavabının arasından bir neçə ay keçibdir və bu müddətdə Sabirin müxtəlif mövzuda əşarı dərc olunubdur. Demək, M. Sicimqulu, – haman M. Sicimqulu ki, öz dediyinə görə, “Molla Nəsrəddin”in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir, Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, – nə qədər ki, “Tömeyi-nahar”ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir. Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzuudur. Nədir onun mövzuu? Burada cavab çox müxtəsərdir.. Zəngəzurda əhaliyə aclıq üz verib, erməni camaatına erməni ziyalıları vaqon-vaqon taxıl daşıyır, amma müsəlman intelligentləri qumar və eyşə uyub, acları yaddan çıxarıblar. Burada necə ki, Sabirin də şikayəti acların qeydinə qalmayan intelligentlərdəndir: Bu intiligentlərin sözün gətirmə çox aralığa, Onları görmək istəsən, şərabı gör, qumarı gör! Habelə Sicimqulu da öz cavabında deyir: Söylə nə etmiş hələ intiligentlər, balam, Sən danışan sözlərə səbr edə bilməz adam, Ta ki peşiman olur bir lütə vermir salam, Onda tamaşaya gəl, hər cürə göftarı gör! Mövzuda və məzmunda müştərək olmalarından savayı, “Molla Nəsrəddin”ə müxtəs bu iki ləzzətli şairi kəlamın məzə və şirinliyi barəsində biz həmişə bir-birinə oxşatmışıq. Və lakin bu da cümləyə məlumdur ki, Sabir heç kəsə yox, bəlkə Sicimqulu Sabirə oxşayıbdır və güman edirəm ki, bir belə təşbihə iftixar da edibdir. Biz bunu qəti deyə bilərik ki, “Molla Nəsrəddin” dünyasında, “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sicimqulu Kefsiz olubdur. Məşədi Sicimqulunun ikinci ədəbiyyatı məcmuəmizin üçüncü ilinin beşinci nömrəsinə gəlib çatdı ki, orada dərc olundu. Həqiqəti-hal budur ki, şairin xəttinə qabaqdan aşina olmasaydıq, güman edə bilərdik ki, bəlkə Sabir qazı Hacı Məcid əfəndinin qorxusundan qaçıb gəlib Dəli Məhəmmədli stasyonuna və həmin şeiri oradan yazıb göndəribdir: Ey axund, evin yıxılsın, Adına baxıb utan bir! Bu qədər ləcacət olmaz, Bu qəbahətini qan bir! Dediyin çərən-pərəndir, Yorulub dəxi usan bir! Dolaşıb sataşma bunca, Ağaya, kübarə, molla! Və bundan sonra da Məşədi Sicimqulu tərəfindən idarəmizə göndərilən ədəbiyyatın imzasına ancaq baxandan sonra bilirdik ki, bunu yazan Sabir deyil. Misal: kimdir bu aşağıdakı sətirlərin sahibi? Sabirmi? Xeyr, Məşədi Sicimquludur. Məktəb Məktəb demə, ondan sarı qəlbim dolu qandır. “Bu darülədəbdir” deyə hər kimsə, yalandır! Cəfər qurtarıb dərsi, gəlib xeyli zamandır, Baş tüklü, ayaq çəkməli, guya ki, qabandır, Saldat balası, bax, deyəsən lap malaqandır. Məşədi Sicimqulunun aşağıdakı nəzmi, elə yadımdadır ki, Gəncədə bir mollanın şeytanlanması ilə bir çox türk cavanların və o cümlədən Mirzə Məhəmməd Axundovun (Hatifin) çar hökuməti tərəfindən həbsə alınıb surgün edilmələri münasibətilə yazılmışdır: Zindan Guşeyi-zindan mənə, ey növcəvan, Oldumu amalıma qarşı məkan? Söyləmədimmi sənə faşü nəhan Çəkmə bu millət qəmini ələman?! Şimdi təəssüflər ola halına, Dəydi bəla tiri pərü balına Mən demədimmi ki, fəğan eyləmə, Eybini mollanın əyan eyləmə, Şeyxi tanı, sofini qan, eyləmə, Fikrini nitqində bəyan eyləmə, Baxmadın, əfsus, bu gün halına, Dəydi bəla tiri pərü balına. Rəməzan ayı müsəlman varlıları üçun həməvəqt bir ziyafət ayı olubdur. Yuxarı başda, sərsüfrədə əyləşiblər qarnıyoğun şeyxlər və mollalar, sərvətli xanlar və hacılar, qapıda durublar ac və üryan yetim-yesir saillər. Hələ bunun adını da ibadət qoyublar; çünki iftar məclisidir. Bu halı Sabir də və sonra Məşədi Sicimqulu da tənqid edibdir. Sabir “Ey vaizi-süxənvər” və “İftardan bir göftar” ünvanlı Əkrəmbəyə nəzirəsində: Açmış niqabi-hüsnün, məcmueyi-təvangər, Məcmuədə düzülmüş eyzən xüruş sərasər. Həsrətkeşani-mətbəx gürgani-bətnpərvər, Cari boğaza şərbət, sari məzaqə şəkkər, Əksi-buxari-dolma, zilli-əmmameyi-sər, Dəryayi-iştəhayə olmaqda bəhcətavər, Hüzzar içində əsla yox bir fəqiri-müztər, İftar vaxtıdır ha, ey vaizi-süxənvər! İş baş bilənsiz olmaz, Sərsüfrə sənsiz olmaz Məşədi Sicimqulu belə deyir: Molla, işin çaşdı, yazım yazmayım: Huş-başım çaşdı, yazım yazmayım?.. Getdi rəcəb, indi də şəban gəlir, Cisminə gər mollaların can gəlir, Yağlı plov, dadlı fisincan gəlir, Məclisə ancaq ağa, bəy, xan gəlir. Ac gözü qan yaşdı, yazım yazmayım. Qəmlərə yoldaşdı, yazım yazmayım?.. Şairimiz saqqalı hənalı qocaların köhnə arvadından bezikib təzəsini siğə, mitə etməklərini bir yerdə həmişəki şirin kəlamı ilə məsxərəyə alır. Köhnə arvadlı qocalardan belə şikayət edir: Qocaldım, gedibdir zəmani-şəbabım, Alınmaz sualım, verilməz cavabım... Nə munis, nə həmdəm, qapımdan girən yox, Qocalmış bu arvad, məni dindirən yox, Nə mitə, nə siğə bir evləndirən yox, Çoxalmış günahım, azalmış savabım, Alınmaz sualım, verilməz cavabım. Aylar, illər dolandı və məcmuəmizin ibtidasından ta bu vaxtadək Məşədi Sicimqulu Kefsiz bizə həmişə yar oldu. Xüsusən Sabirin vəfatından sonra, ikinci Sabirimiz birincisinin yerini boş qoymadı. Məşədi Sicimqulu Kefsizin zövq və səfalı, məzah və duzlu şerinin heç bir vaxt dalı kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər əksilmədi; məsələn, iki il bundan qabaq şairimiz Saro kəndinin məktəbinin halını el dili ilə, nazlı bir şivə ilə təsvir edir. Qətiyyən demək olar ki, bu dil, bu şivə, bu şerlər azərbaycanlılar üçün həmişə zində olacaq, oxucuları həmişə – farsca söyləsək, – dilnəvaz edəcək. Saro kəndi Yazda qoxu, qışda qar Bu kənddə bir məktəb var, Göydən bir çağrım kənar, Üç yanı torpaq hasar, Ancaq hisli dörd divar. Pəncərəsi, qapısı, Darbadağın yapısı, Tatın dılğır yabısı Səkidə şıllaq atar... Bu gün-yarın qış gəlir, Soyuq yellər daş dəlir. Yavrularım incəlir. Yazda qoxu, qışda qar, Xəstələnir aşkar. Şairin əsərlərinin çap olunmağı münasibətilə mən onun kitabının müqəddiməsində bir neçə söz söyləməyi lazım gördüm. Ancaq burada mənim qəsdim şairimizin bütün əsərlərini tənqid və təhlil etmək deyil idi; bu vəzifəni mən söz ərbabının öhdəsinə mühəvvəl edirəm. Mən ancaq Məşədi Sijimqulu Kefsizin bu təxəllüslər dairəsində məcmuəmizdə iştirakının keyfiyyətini oxucuların nəzərinə çəkmək niyyətində idim. Ancaq burada bir nöqtə var ki, onu qeyd etməyib vaz keçsəm, qəlbim rahatsız ola biləcək: o da “Azərnəşr” tərəfindən dəyərli şairimizin əsərlərinin məcmuəsinin təbi məsələsidir. Cümləyə aşkardır ki, məzkur nəşriyyatın təşəbbüsü nəticəsində Əli Nəzmi kimi sair qiymətli ədib və şairlərimizin də qələmlərinin əsəri təb və nəşr olunmaqdadır. Və elə zənn edirəm ki, Azərbaycan torpağının həqiqi maarif dostları, maarif və mədəniyyətimiz yolunda müşahidə olunan bu xidməti təqdir və ərzi-şükran edələr gərək. Və ümidvaram ki, belə də olacaqdır. Əli Nəzminin “Sicimqulunamə” adlı kitabına müqəddimə, Bakı, Azərnəşr, 1927 * * * İdarədən Naxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründurmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir. Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur. Biz yazmırıq ki, üzüyü xalq hakimi özü alıbdır; biz haman 51-ci nömrəmizdə yazmışdıq ki, üzüyü xalq hakiminin arvadı alıbdır. Söhbət orada deyil ki, nə səbəbə altı abbasıya dəyən üzüyə xalq hakiminin arvadı yüz əlli manat veribdir; gileyimiz oradadır ki, ayda yüz əlli manat maaş alan xalq hakiminin arvadı nə haqla bir üzüyə (dəyərli, ya dəyərsiz üzüyə) yüz əlli manat verir? Əlbəttə, ola bilər ki, bir məmur – özü, arvadı elə bir varlıdırlar ki, bir üzüyü küçə dəllaləsindən yüz əlli manata almaq onlar üçün güc deyil. Amma bunu lazım gəlir unutmamaq ki, köhnə çürük xan və şahzadə əsrləri ötüb keçibdir və daha qayıtmayacaqdır və daha bundan sonra Xanımcan xanımlar və Bəyimcan xanımlar hamama hazırlaşanda qiymətli zibü-zivərlərini və dəyərli təcəmmül bəzəklərini boyunlarına asıb, hamam boxçalarını cırıq-mırıq kənizlərinin dalına yükləməyəcəklər. İndiki əsrimizdə şura hökumətinin xalq hakimləri və onların arvadları öz şəxsi rəftar və kirdarları ilə gərək camaata ibrət olalar, nəinki yüz əlli manatı bir üzüyə verməklə füqəranın hesabını unudalar. Lazım gəlir ki, şura məmurlarının arvadları mümkün olan yerdə qadınlar təşkilatında iştirak edələr və qara çarşab içində çürüməkdə olan Şərq qadınlarını dini mövhumatdan xilas etməyə yollar arayalar; amma bunun əvəzində biz nə görürük? Ədliyyə komissarı yoldaş deyir ki, ədliyyə komissariatı dairəsində elə bir axmaq xalq hakimi tapılmaz ki, altı abbasıya dəyən bir üzüyə yüz əlli manat versin. Əvvəla: biz yazmışıq ki, üzüyü alan xalq hakiminin arvadıdır. Belə olan surətdə də bizim də dediyimiz budur ki, xalq hakimlərimiz razı olmayalar ki, onların arvadları indiki əsrdə və indiki şərait içində xalqın nəzərində küçə dəllalələrindən yüz əlli manatlıq, bir üzük alalar. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 13 yanvar 1928, № 2 * * * Mirzə Fətəli Axundov və qadın məsələsi Ölümünün 50 illiyi münasibətilə Nə qədər ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət qazanmışdı, o dərəcədə də Mirzə camaat içində dinsizlikdə məşhur idi; ta o yerə kimi ki, onun dəfninə öz dost və əqrabasından da gedən olmayıbdır. Və lakin məsələnin bir tərəfi bir növ qaranlıq görsənir: belə ki, lazımınca aşkar olmur ki, mərhumun müasirləri onu hansı səbəbdən laməzhəb hesab edirdilər? Necə ki, məlumdur, M[irzə] F[ətəli] köhnə ərəb əlifbasını müsəlmanların tənəzzülünə mərbut tuturdu və yeni, mükəmməl bir əlifbanın təşkili yolunda Qafqazda, hətta İstambulda və Tehranda ciddi bir iqlamat başlamışdı. Təkcə bu keyfiyyət, Mirzənin bircə bu təşəbbüsü kafi ola bilərdi ki, fanatik müsəlmanlar xaçpərəstlərin latın hürufatını Quranın “müqəddəs” hürufatına tərcih verən bir kəsi laməzhəb və mürtəd adlandıraydılar. Saniyən Mirzə Fətəli o dərəcədə azad fikirli idi ki, o vədələr onu filosof və həkimi-rövşənzəmir adlandırırdılar; amma səd heyif ki, mətləbin bu tərəfi də açıq deyil ki, aya burada Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları nəzərə alınır, ya yox? Çünki Mirzənin tərcümeyi-halını yazanların heç biri bu vaxtadək məzkur şahzadənin məktublarından söhbət açmayıbdırlar. Bəhərhal Mirzə Fətəlinin günahı əsrinin əhli-imanları nəzərində vaqeən nəhayət imiş; səbəb budur ki, o əl vurduğu məsələlərin hamısından “qan qoxusu” gəlirdi. Və o cümlədən bir də həmin qələmə aldığımız qadın məsələsidir. Q a d ı n ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq, barıta əl vurmaq kimi xatalı hesab olunubdur. İslamın şəriəti, necə ki, məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahi-kəbirə qəbilindən sayılıbdır. Mürur ilə məsələ daha da bərkiyibdir, ta o yerə kimi ki qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur. Qadını kişilərdən qorumaq müruri dühur ilə adət şəklinə girib və gəldikcə o dərəcədə bərkiyibdir və qadın elə bir səxtliklə aradan götürülübdür ki, onun nə boy-buxununu küçələrdə görmək mümkün olub, nə bir məclisdə onun adını çəkmək müyəssər olubdur. Bir müsəlman bəndəsinin istilahında onun arvadının adı yoxdur: arvadının adı “bizim ev adamımız”dır. Bir müsəlman kişisi öz yavıq, ya bəlkə öz doğma qardaşının yanında arvadının adını çəkmək məcburiyyətində olanda “Cəfərin anası”, “Əhmədin anası” adlandırıbdır. Bu qanunu pozanlar müsəlman içində “yoldan azmış”, “biqeyrət” adı ilə şöhrət tapıblar və həmin “qeyrət” üstə müsəlman qardaşlar o qədər “qeyrət” göstəriblər ki, bir-birinin qanını içməyə hazır olublar və içiblər də... Onun üçün də cahil islam şairləri dünyanın cəmi bədbəxtliklərini qadınların üstünə yıxıblar: “Viran şüdən mülki-Süleyman əz zən”. Təbiidir ki, bir belə cəhalət zülməti içində, bir belə qaranlıq əsrdə Mirzə Fətəlinin komediyaları o təsiri bağışladı ki, mütəəssib və nadan müsəlman camaatı bir övqat Mirzənin üstünə föhşlərlə və müəyyən cürbəcür tənələrlə hücum etməyə başladılar. Camaatın bu növ rəftarına səbəb məhz səhnəyə çıxarılan müsəlman qadınları idi. Mirzə Fətəli Axundovun komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəməddin millətlərin səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir. Filhəqiqə belə mülahizə edək ki, böyük bir məclisdir, teatr məclisidir; amma bilmirik ki, teatr nədir. Burada bir pərdə asılıbdır; amma bilmirik ki, nə pərdədir və nədən ötrüdür. Paho! Birdən bu pərdə qalxdı və pərdə dalında çoxlu camaat görsəndi. Burada bir rus böyüyü var (naçalnik), onun fərraşları bir cavanın əlini və qolunu bağlayıb saxlayırlar (Heydərbəy). Amma mömin müsəlman bəndələrini heyrətə gətirən, mat və məəttəl qoyan bir nəfər gözəl müsəlman gəlinidir (Sonaxanım) ki, burada adam kimi danışır və Heydərbəyin, öz adaxlısının həbsdən xilas olmağını naçalnikdən iltimas edir və söz verir ki, ta bundan sonra Heydərbəyi əyri yola və kondrabata getməkdən daşındırsın (“Hacı Qara” komediyası). Buraya cəm olan tamaşaçılar kimlər idi? O əsrin mütəəssib və fanatik müsəlmanları və əlbəttə, bunların içində “qeyrətli” müsəlmanlar da var idi. Girəm ki, cəmaət piş əz vəqt bunu bilirdi ki, səhnədə naçalniklə danışan Sonaxanım həqiqətdə qadın deyil, cavan oğlandır ki, ancaq qadın libasına giribdir; haman əsrdə müsəlman qadınının səhnəyə çıxıb danışmağı ağla gələn bir şey deyildi... Bununla bərabər yenə nadan camaat bir tərəfdən həvəskar artistlərə, digər tərəfdən pyesin yeganə sahibi Mirzə Fətəliyə həmə vəqt təkfir və təlin çomağını qalxızmaqda idi. “Bədbəxtdik” burasında idi ki, müsəlman qadınını səhnəyə çıxarıb “biabır” edən pyes bir deyildi, iki deyildi; məlumdur ki, tək bircə “Kimyagər”dən başqa Mirzə Fətəlinin beş fəqərə komediyalarında türk qadını iştirak edir ki, ibarət olsun bunlardan: “Hacı Qara”, “Müsyö Jordan”, “Xan Sərabi”, “Xırs quldurbasan” və “Mürafiə vəkilləri”. Bu əsərlər çapdan çıxıb intişar tapan kimi, Qafqazın bir çox şəhər və hətta qəsəbələrində cavan həvəskarlar tərəfindən mövqei-tamaşaya qoyulmağa başladılar və ona baxmayaraq ki, qadın rolunda səhnəyə çıxanlar o vaxtlarda cavan oğlanlar idi, tamaşaçılar səhnənin zahirində ancaq türk qadınlarını görürdülər və böyük məharətlə yazılmış bu əsərlər qadınların halını elə bir ustalıqla tamaşaçıların nəzərindən keçirirdi ki, xam tamaşaçılar bəzən şübhələnib səhnədəkiləri həqiqət halda qadın zənn edirlərdi. Ta ki, bir az vaxtda Mirzə Fətəlinin qadın tiplərinin adları hər bir yerdə camaat dilində virdi-zəban oldular: “Sərgüzəştixan-Sərabi”də: Zeynəbxanım, Şöləxanım, Nisəxanım, Pərixanım; “Hacı Qara”da: Sonaxanım, Teyyibəxanım, Nigar; “Məstəlişah”da: Şərəfnisaxanım, Gülçöhrə, Şərəbanıxanım, Xanpəri; “Mürafiə vəkilləri”ndə: Səkinəxanım, Zibeydə və “Xırs quldurbasan”da: Zuleyxa və Pərzad. Bunun nəticəsində müsəlman camaatının köhnə qafalıları başladılar həvəskarları töhmətləndirməyə; o babətdən ki, onlar teatrlarda müsəlman arvadlarının adını çəkirlər; çünki, necə qabaqca ərz olunubdur, müsəlman arvadlarının adını çəkməyin özü bir qələt iş, “eyb” iş hesab olunurdu. Bu vəhşiliyi ədibimiz Əbdürrəhimbəy də öz “Xəyalat” adlı əsərində qeyd edibdir. Orada Hatəmxan ağanın Mirzəyə təərrüzünu bu sətirlərlə bəyan edir: “ – Hələ bunlar hamısı dursun, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç. Bəs bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa da, sənin qanın müsəlman qanıdır: heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə övrətimin, qızımın adını camaat bilsin? Eyb olsun sənin üçün! Çox eyb olsun!”. * * * Mirzə Fətəlinin komediyalarının qadın tipləri – əsrin məişətindən götürülmüş bu fotoqraf şəkilləri kimdir? Əsərlərdə təsvir olunan qadınların övza və ətvarı o məişətin qadın sifətlərinin bir canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görsənən kimi görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərə, müxtəlif sifətlərə rast gəlirik. Bir surətdə ki, bu əsərlər məişətin aynasıdır, təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, müsbət sifətləri ilə mənfisini də görə biləcəyik və qeyri cürə də ola bilməzdi ki, qoçaq və bacarıqlı qadınlar içində (“Hacı Qara”) qorxaq və bacarıqsız qadın olmasın (“Mürafiə vəkilləri”) və habelə sədaqətli, doğru və dürüst qadından savayı hiylə və saxtakarlığa mail qadın tapılmasın (“Mürafiə vəkilləri”) və özgə cürə ola bilməzdi. Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların eyblərini gizlətsin. Əgər bir para xam yazıçılar kimi belə eləmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı. Hətta bir para qadın tipləri zahirən qoçaq nəzərə gəlirsə də, bu qoçaqlıq əzbəs ki, əksər övqat ailə içərisində əmələ gəlir, bədrəftarlığa da bir qədər maildir (Şərəbanıxanım, Nigar). Bu da təbiidir. Əlli, altmış və yüz il bundan qabaq Qarabağ, Şəki və Şirvan ölkələrində yaşayan qadınlardan bundan artıq bir şey gözləyə bilmərik. O səbəbə ki, o əsrin kişiləri də habelə nadan və vəhşi idilər. O qadınların ərləri və qardaşları əksər övqat vaxtlarını quldur və qaçaqlıqda keçirirlərmiş və o mühitdə yaşayan qadınlar, əlbəttə ki, bu qəbil kişilərə gedib arvad olmaqla iftixar edərlərmiş (“Xırs quldurbasan” təmsilində: Zalxa və Pərzad). Komediyalarda qadınlar rəftarından bir müxtəsər rəvayət: “Müsyö Jordan” təmsilində Hatəmxanağanın arvadı Şərəbanıxanım bir tərəfdən qoçaq və cürətli görünür; amma bitərbiyə və nadanlıq səbəbindən bu qoçaqlıq eyni zamanda bədrəftarlıqdır. Bunun qoçaqlığı ancaq ondan ibarətdir ki, Şahbazbəyin Paricə getməyinə mane olmaq məqsədilə əri Hatəmxanağanın qabağına “pəhlivan” kimi çıxır, ona hərbə gəlir və axırda öz nadanlığı ucundan bir dərvişin cadusuna aldanıb, ərindən xəlvət, dərvişi yüz bacaqlı ilə yola salır. Xanpəri arvad xanımının bu hünərilə fəxr edir və deyir: “Eh, xanım, əgər kişilərin ağlı olsa idi, niyə onları hər qədəmdə aldadırıq, öz bildiyimizi eləyirik?!..” “Xırs quldurbasan”da Bayramın Pərzada eşqi onu quldurluğa və qaçaqlığa sövq edir ki, Pərzad onu xoşlasın; çünki o əsr “bas, vur, tut, öldür” əsri idi və qızın sevdiyi ancaq rəşid, qoçaq və quldurluqda adı çıxan adamlar olurmuş. “Hacı Qara” pyesində də Sonaxanım Heydərbəyə olan eşqinin ucundan onu həbsdən qurtarmaqdan ötrü naçalnikin yanında nəhayət fürutənlik və yalvarmaqlıq eləyir, ta o yerə kimi ki, naçalnikə deyir: “Başına dönüm, padşahın başına çevir; ya bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm edələr!.. ” Avam və tərbiyəsiz qadınlara müxtəs olan sifətlərin biri də ikiarvadlı evlərdə bu arvadların bir-birini günüləməyi, bir-birilə dalaşmağı, bir-birinin ayağından çəkməyidir. Bu tipləri Mirzə Fətəli “Sərgüzəşti-xan Sərabi”də böyük məharətlə yaradıbdır. Burada vəzirin iki arvadı – Zibaxanım və Şöləxanım əsərin əvvəlindənaxırınadək bir-birilə çəkişməkdədirlər və vəzirin başına min kələk gətirməkdədirlər. Bunlardan başqa dəxi iki qadın tipinə də “Mürafiə vəkilləri” komediyasında rast gəlirik: Biri Səkinəxanımdır. Bu ağıllı və dilavər bir qızdır ki, bibisinin və dövlətli Hacı Həsənin təkidinə baxmayıb öz sevgilisi Əzizbəydən ayrılmaq istəmir. O biri qadın – Hacı Qafurun mitədən övrəti Zeynəbdir ki, mürafiə vəkillərinin hiyləsinə aldanıb saxta və haram vasitələr ilə Hacı Qafurun altmış min tümən puluna sahiblənmək istəyir. * * * Budur Mirzə Fətəlinin əsərlərində qadın tipləri. Burada biz görürük ki, bu qadınların cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyillər: səlamət, cürət, dilavərlik, səbat – cümləsi bunlarda mövcuddur. Ancaq tək bircə düşmən[lər]i var: o da elmsizlik və tərbiyəsizlikdir. Qara pərdə dalından dünyanın işığına bunları çıxarıb göstərməklə Mirzə Fətəli bunu kişilərə demək istəyir: bax, bu qoçaq və gözəl qadınlar indi avam və nadan bir insanlardır. Görürəm ki, indi siz bunlara dərs və tərbiyə verməkdən ehtiyat edirsiniz, çünki bilirsiniz ki, bu zəkalı və qeyrətli qadınlar gələcəkdəki inqilabın sayəsində almış olduqları tərbiyə və elmin təsiri altında öz azadlıqlarını əldə edib və ondan da sonra daha sizin ailə içərisində ağalığınıza və səfahətinizə imkan qalmayacaqdır. Zira ki dəxi insanlıq hüququndan agah olan bu qadınlar şəriətin çomağını dəxi siz kişilərin əlindən alıb həmişəlik tullayacaqlar. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) “Şərq qadını”, mart 1928, № 3 * * * Mirzə Fətəli Axundov dinlər haqqında Mən külli ədyanı puç və əfsanə hesab edirəm. M. F. Axundov Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Bununla bərabər bu nəsihət bəndəyə burada daxil deyil, o səbəbə ki, mən Mirzə Fətəlinin barəsində nəinki çox yazmaq, bəlkə heç az da yazmaq xəyalında deyiləm. Mənim məqsədim ancaq üç-dörd sətirdən ibarət bir yüngülcə yadavərlikdir. Mənim məqsədim həmin üç-dörd sətirdə elə bir mühüm məsələ barəsində söhbət açmaqdır ki, mənim bu balaca məqaləm dəxi bu məsələyə ancaq bir sərlövhə təbir oluna bilər. Söhbətimiz – Mirzə Fətəlinin dinlər barəsində əqidəsi məsələsinə dairdir. Hərçənd Mirzənin vəfatının əlli illiyi münasibətilə bu yavuqda, keçmiş mart ayında tərtib olunan məclislərdə və habelə məcmuə və qəzetlərdə Mirzənin dinsizliyi barədə az-çox məlumat verildi və lakin əzbəs ki, məsələ özü xeyli əhəmiyyətlidir, mart ayı günlərində danışılan və yazılan məruzə və məqalələri kafi hesab edib dayanmaq olmaz; bu xüsusda çox danışmaq lazım gəlir. Keçək söhbətimizin mövzuuna. Mirzə Fətəlinin vəfatının şahidləri və raviləri yazıblar və rəvayət ediblər ki, onun namazına, təlqininə və təşyii-cənazəsinə dostlarından və əqrəbasından da duran olmadı. Ta o yerə kimi ki, onu Tiflis qəbristanında quyulamaq üçün, dörd nəfər hammal apardı. Və bir rəvayətə görə, mərhumu canişinin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı. Bəhər-hal Mirzə Fətəlinin cənazəsi sahibsiz qaldı. Bu keyfiyyət onu tanımaq arzusunda olanlar üçün maraqlı və təvəccöh etməlidir. Mirzənin tək bircə dramnəvisliyi avam camaatın nəzərində elə bir günah sayıla bilməzdi ki, onun mərasimi-dəfninə iman əhlləri yavıq düşməyə idilər. Yaxud əlifbanın təbdili yolunda təlaş etməklə Mirzə Fətəli yenə müsəlmanların belə şiddətli nifrətini qazana bilməzdi. Səhihdir, mərhum qadın məsələsinə də yanaşmışdı: onun səhnə əsərlərində, tək bircəsi müstəsna olmaqla (“Kimyagər”), müsəlman qadınları teatr səhnəsində kişilərlə danışırlar və şübhə yoxdur ki, buna o əsrin müsəlmanları xoşhal ola bilməzdilər, – və lakin Mirzə Fətəlini laməzhəb adlandırırdılar. Yenə nə səbəbdən? Diqqət etməli burasıdır ki, Oktyabr inqilabınadək Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə, bir müəyyən dəlil və sübut göstərməyiblər. Mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut tutmayıblar. Doğrudur, komediyalarının bəzi yerlərində mövhumata etiqad etmək, xariqüladə hadisəyə inanmaq kimi səfahəti mərhum ədibimiz səhnədə mövqei-məzhəkəyə qoyubdur. Belə ki, “Mösyö Jordan” əsərində Dərviş Məstəlişahın cadu fırıldağına Şərəbanıxanım və Şərəfnisə xanım inanıb, fırıldaqçı dərvişi yüz bacaqlı ilə yola salırlar. Habelə “Kimyagər” pyesində kovdan nuxalılar şarlatan Molla İbrahim Xəlilin iksirinə və şeytanın fəsadına etiqad edirlər və yenə “Aldanmış kəvakib”də Şah Abbas ulduzların sədəmeyi-üzmasından xof edir və hətta sərdar Zaman xanın kəvakib ilə müxalifət etməkdə ağlı hər bir əlacdan qasir görünür... Aşkardır ki, Mirzə mərhumun cəmi söylədiyimiz “günah”ları kafi ola bilməzdi ki, onun dost və əqrabası onu mürtəd və laməzhəb hesab edib onun dirisindən də, ölüsündən də üz çöndərsinlər, çünki Mirzənin əsrində onun təb olunub intişar tapan əsərlərinin heç birində dindən və etiqaddan bəhs olunmur. Bu barədə Firudin bəy Köçərli müəllimimiz öz kitabında Mirzənin əqidəsi barəsində bir müxtəsərcə məlumat verir. Firudin bəy yazır: “Axundov azadəfikirli, saf əqidəli, əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb, təkfir edirmişlər. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbası axırda ondan üz döndərib, iba etmişlər. Vəfatından təşyii-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hammal artıq əhanətlə ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər...”. Bunu gərək mülahizə etmək ki, burayadək yenə məsələnin bu bir cəhəti qaranlıqda qalır və bilmək olmur ki, aya Mirzə Fətəlini laməzhəb adlandıranların və onun dəfnindən iba edənlərin əllərində nə sübut var imiş və onun laməzhəbliyini müəyyən bir əsərindənmi, ya camaat içində apardığı vəz və təbliğatdamı görürmüşlər? Ancaq indi bizə məlum olur ki, Mirzə Fətəli Axundovun haman əsəri ki, müəllif orada din və etiqaddan bəhs edir və öz əqidəsini hər bir dindən və ayindən azad qələmə verir, həmin əsər hərçənd ki, o zaman təb və nəşr olunmamışdı və oluna da bilməzdi, bununla bahəm o əsərin varlığı və məzmunu Mirzənin müasirlərinə, dost və aşnasına məlum idi. O əsərin adı – iki şahzadənin bir-biri ilə mükatibəsidir. Haman əsərdir ki, 1924-cü ildə Bakıda “Yeni türk əlifbası komitəsi” tərəfindən təb və nəşr olunubdur. Ancaq indi Mirzə Fətəlinin təvəllüdündən yüz ildən bir qədər də artıq, vəfatından əlli il keçəndən sonra bizə məlum olur ki, mərhumun bir böyük dərdi imiş ki, öz sağlığında onu ucadan bir kəsə deyə bilmirmiş və axırda ürəyinin dərdini öz dilindən yox, Hindistan şahzadəsi Kəmalüddövlənin dilindən söyləyibdir; yəni: “bax bu sözü mən demirəm, bunu Kəmalüddövlə deyir”. Və təbiidir, burada din və ayinə əl uzadılır, allahın varlığı və yoxluğu söhbəti ortalığa gəlir və bu sözü o vaxt danışmaqmı olardı ki, onu yazmaq da və nəşr etmək də mümkün olsun?! Mirzə Fətəlinin vəfatının əlli illiyi münasibətilə “Qızıl qələm cəmiyyəti”nin Şəki şöbəsi tərəfindən nəşr olunmuş yubiley nömrəsində, Tiflisdən “M. Q.” imzalı bir məktubda bu barədə belə rəvayət olunur: “Fanatizm və din ilə mübarizəyə gəlincə o (Mirzə Fətəli) ümid edirdi ki, Hindistan prinsi Kəmalüddövlənin məktubu ilə birinci zərbəni dinə vuracaq və bu məqsəd ilə yazmış olduğu əsəri ruscaya tərcümə etmiş və dəfatla Peterburq nəşriyyat idarələrinə müraciət etmiş... O, senzoru inandırırdı ki, bu əsər müsəlman aləminə zərbə vurmaqla xristian dininə qətiyyən toxunmayacaqdır. Fəqət çar senzurası buna inanmadı. O, Paris və London naşirlərinə müraciət etdi... Müsəlman aləmindəki qara pərdəni qaldırmağa cəsarət edən bu qoca dahinin fikrini intişara kimsə cəsarət etmədi...” Güman eləmək lazım gəlir ki, hal o qədər ağır imiş və ehtiyat o dərəcədə vacib imiş ki, şahzadə Kəmalüddövlənin dilindən yazılan məktubları yazıq Mirzə Fətəli birdən-birə öz dostlarının da yanında özünə isnad vermir və rəfiqi naibül-vüzəra Əbdülvəhab xana yazdığı məktubun birində deyir ki, Kəmalüddövlə tərəfindən yazılan məktubun sahibi mən deyiləm və mən olduğumu zənn edərək mənə iftira deyən Hacı Şeyx Möhsünün qiyamət günündə ətəyindən yapışıb şikayət edəcəyəm; çünki mənim qəbahətim məhz odur ki, mən haman məktubu tənqid yazmaq məqsədilə farscadan türkcəyə tərcümə etmişəm. * * * Hindistan şahzadəsi Kəmalüddövlə İngilis, Firəng və Yeni Dünya səfərindən qayıdan vaxt İran torpağına da varid olubdur və öz dostu İran şahzadəsi Cəlaluddövləyə buradan uç vərəqə məktub yazıb və bu üç ədəd məktuba Cəlalüddövlə də bir dəfə cavab yazıb. Kəmalüddövlə birinci məktubunda İranın indiki inhitatını öz gözü ilə görüb yazır ki, “kaş bu vilayətə gəlməyəydim, ciyərim kabab oldu” və şaki bir dil ilə İranın qədim həşəmət və səadətini yada salır və deyir: Hanı irəliki dövlət və şövkət? Ac, çıplaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər, torpağını xarab və əhalini nadan, azadiyyətdən məhrum qoydular. Padşahın despotdur, üləman–fanatik! Bu tənəzzülə ümdə səbəb nə olub və bais kim olub? Və sizin bugünkü halınızı Firdövsi səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən bu suallara cavab verib: Çü bəxti ərəb bər əcəm çirə şüd. Həmə bəxti sasaniyan tirə şüd. Mətləbdən bir qədər uzaq düşsək də, gərək Mirzə Fətəli yaşadığı əsri xəyalımıza gətirək. Amma Mirzə Fətəli qələmi Kəmalüddövlənin əlinə verib dedi: yaz ki, mənim atamın vətəninin iqbalı o zaman idbarə mübəddəl oldu ki, axmaq iranlılar vətəni Səd-Vəqqasın vəd etdiyi xəyalata və puç etiqada, ərəb rahzənlərinə təslim etdilər. Səri namə benvişt nami xuda, Məhəmməd rəsuləş, bəhəq rəhnüma... Həmə təxtü-tacü həmə cəşnü sur, Nəyərzəd bədidar yek muyi hur. Yəni Səd-Vəqqas farslara təklif edirdi ki, Məhəmməd dinini qəbul etsinlər; çünki burada, axirətdə behişt var və huri var ki, onun başının bir tükünü təxtü-taca, çeşnü surə dəyişmək olmaz. Ustadi-əzizimiz Mirzə Fətəli bu sətirlərdən digər mətləbə keçir və Kəmalüddövlənin dilindən yazır ki, “Səd-Vəqqasın təklifi ilə dini-islamı qəbul etdik və onun qövlünə görə gərək iki aləmdə də xoşbəxt olaydıq. Axirətdən hələ xəbərimiz yoxdur, gələk dünya aləminə. Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfihəsində xalq elə müsibətlərə düçar olmayıbdır. Bəs niyə dini-islam onların səadətinə bais olmadı? Çox ehtimal var ki, islam əqaidinin əfsanələri o biçarələri dəxi sivilizasyon tapan tayfalardan əqəb saldı”. Hələ Mirzə Fətəli burada dayanmır: əgər burada durub sözünü yarımçıq qoysa idi, o zaman bilmək olmayacaq idi ki, Mirzə Fətəli islam dinindən ilhad etməklə hansı qeyri bir dini, ayini islama tərcih verir. Aya, bütpərəstliyimi islamdan əvvəl tutur, babiliyimi təbliğ etmək niyyətindədir? Amerika və İngiltərənin misyonerlərininmi əfsanələrinə batində xidmət etmək istəyir? Bu suallara Mirzə Fətəlinin cavabı budur: “Ey Cəlalüddövlə! Bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama tərcih tuturam. Mən külli ədyanı puç və əfsanə hesab edirəm” Mirzə Fətəli dinsizliyinə Kəmalüddövlənin ikinci məktubunda şərh verir və öz fəlsəfi nöqteyi-nəzərini Əbdürrəhman Caminin və Şeyx Şəbüstərinin və Petrarka ilə Volterin rəylərinə mütabiq tutur və üzünu müsəlmanlara tutub deyir: “Madam ki, siz elmi-nücumdan və elmi-təbiətdən xəbərdar deyilsiniz, – həmişə xariqüladata və möcüzata, məlaikəyə... və bu qəbil mövhumata inanacaqsınız. Çünki siz bilə bilməyəcəksiniz ki, külli kainat bir qüvveyi-vahidə və kamilədir və qanunu budur ki, bir fərd əmələ gəlsin və ağacın hübbəsi torpaq altında, gün, hava və su ona pərvəriş verəndən sonra ağac olsun və sən həvasi-pəncganənlə gördüyün-görmədiyin kürati-səmaviyyə və kürreyi-ərziyyə və hər qism müvəccid, vücudi-vahidə nisbətən, fərdən-fərdən cüzdür və fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Bəs bu vücudi-vahid xaliq də özüdür, məxluq da özüdür”. Mirzə Fətəli haman məktubun bir yerində islam filosoflarından adı çox məşhur olmayan Əla Zikrihüs-səlamı şiddətli alqışlayır, çünki Zikrihüs-səlamın azadfikirliliyi Mirzənin əqidəsinə müvafiq tutulur. Belə ki, məzkur filosof da öz əsrində camaatını məhz təbiətin qanunlarına sitayiş etməyə dəvət edirmiş və deyirmiş ki, “bilin və agah olun ki, aləm-qədimdir və zaman–namütənahidir və behişt və duzəx bir əmri-xəyali və mövhumidir və adamın qiyaməti onun mərgidir (ölümüdür)”. Həmin moizəyə mütabiq bir nəsihət ilə Mirzə Fətəli də haman məktubda müsəlmanlara xitab edir: “Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, bədən dəxi təxrib tapandan sonra balatər vətənə və nazü nemətə (behiştə) üruc və cəhimə nüzul yoxdur... Bəs aqil gərək cəmi dünya ləzzətlərindən bəhrə aparsın; zira ki, çün torpağa getdin, geri gəlmək yoxdur. Baz amədənət nist, çü rəfti, rəfti! Biz bir mühüm nöqtəni burada qeyd edib, sözümüzü tamamə yetiririk. Mirzə Fətəli Axundovun dinsizliyi ilə maraqlananların nəzərinə bu məsələni də yetirməyi lazım görürəm. İki şahzadənin məktublarının müqəddəməsində Mirzə Fətəli bu mükatəbənin müəllifi özü olduğunu bərk-bərk danır və deyir ki, haman məktubları yazanlar indi Bağdadda yaşayan Hindistan şahzadəsi İqbalüddövlə və biri də İran şahzadəsi Şüçaüddövlədir. Və guya Mirzə Fətəli ancaq məktubların türk dilinə mütərcimidir. Ola da bilər ki, məhz bu səbəbə görə, yəni Mirzə Fətəli Axundov özünü o məktubların əslindən uzaq tutmağı cəhətindən bu məktublar uzun illərin müddətində Mirzənin təsnifatı cümləsində şöhrətə minmədi; ta o yerə kimi ki, onum vəfatından sonra yenə bir xeyli müddət keçmişdi ki, şahzadələrin məktubları guya ittifaqı olaraq üzə çıxdı. Əhvalat bu qərar ilədir. Bir neçə il bundan müqəddəm bizə məlum oldu ki, mövhum şahzadə Kəmalüddövlə ilə Cəlalüddövlənin adları İran mətbuatında keçmiş bir zaman çəkilibdir və İran inqilabçılarından olan möhtəram bir ədib yoldaşımız bizə nişan verdiyi “Həblül-mətin” ruznaməsinin dörd ədəd şümarəsində biz, həqiqətdə, məzkur şahzadələrin adlarını gördük. Ruznamənin nömrələri bunlardır: tarixi-hicri 1322. Şümarə 31, 32, 35 və 37 təb və nəşr olunubdur Hindistanın Kəlküttə şəhərində. Ruznamənin həmin dörd nüsxəsində “şahzadeyiazadə Kəmalüddövlə Dəhləvi” şahzadə Cəlalüddövləyə xitabən fars dilində İranın qədim tarixindən rəvayət edir. Mirzə Fətəlinin şirin kəlamına bənzər bir şirin dil ilə İranın keçmiş cəlal və şövkətini yada salır, indiki inhitatına təəssüf edir və bu inhitatın səbəbini elmsizliklə təbir edir. Amma dəxi Mirzə Fətəli kimi islam dinindən bəhs etmir. Bu dörd ədəd məktub imzasızdırlar. Kimin tərəfindən hicrətin 1322-də “Həblül-mətin”də o məktublar yazılıbdır, – məlum deyil. Amma güman aparmaq olar və bəlkə sərahətən demək də olar ki, Şərq elmlərində və Qərbdən hasil etdiyi ittilaatı ilə təbəxxür edən Mirzə Fətəli Türkiyədə, Qafqazda və İranda qələmi ilə o qədər şöhrət tapmışdı ki, “Həblül-mətin”də dərc olunan məqalələr onun qələminin əsəri olmasa da, ona təqlidən, o yaratdığı təxəllüs sərlövhəsi altında, bizə məlum olmayan kəslər tərəfindən qələmə götürülübdür. * * * Söhbəti axıra yetirib, mərhum Mirzə Fətəli Axundovun “ruhundan” üzr istəyirik. O qədər ki, Mirzə hali-həyatında təlaş edirdi ki, Kəmalüddövlənin məktubları ona isnad verilməsin, o qədər də biz təlaş edirik ki, bu allahsız məktubların təəllüqü Mirzəyə verilsin, çünki bizim məqsədimiz budur ki, biz allahın dərgahından qovulanlar, bari Mirzə Fətəlinin allahsızlığı ilə təsəlli tapaq və bəlkə də, hələ buna iftixar da edək. Hərçənd bunu bilirik ki, qiyamət günü Mirzə əzizimiz bizim ətəyimizdən yapışıb şikayət edəcək, – necə ki Hacı Şeyx Möhsünxanın ətəyindən tutmağı əhd etmişdi, – amma dəxi qiyamət günü o bizi haradan tapacaqdır?! Ustadımız özü bizə kitabında vəsiyyət edir: çün torpağa getdin, – dəxi qayıtmaq yoxdur. Baz amədənət nist, çü rəfti, rəfti! “Şərq qadını”, may–iyun 1928, № 5-6 * * * Şura mətbuatı Şura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir. Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri. Həmin mətbuat cəmiən Şura daxilində yaşayan zəhmətkeşlərə fayda verici mətbuatdır. Onunçün Şura hökuməti bu qism mətbuata kağız buraxır və hədsiz xərclər qoyur. İndi Şura daxilində bu saydığımızdan başqa yenə elə mətbuat vardırmı ki, zəhmətkeşlər üçün [o] mətbuatın ziyandan başqa bir mənfəəti olmaya, o mətbuata həmçinin xeyli kağız sərf oluna? Vardır. Nədir o mətbuatın adı? O mətbuatın adı dini mətbuatdır; yəni keşişlər mətbuatıdır və bir azca da mollalar mətbuatıdır. Həmin keşişlər mətbuatı da ibarətdir iki qismdən: bir qismi dini kitablar və kitabçalardır, risalələrdir; bir qismi də qəzet və jurnallardır. Bu qism keşiş mətbuatından keçən ilin ərzində Şuralar daxilində bir milyon nüsxədən artıq nəşr olunubdur. Bu mətbuatdan başqa Şura daxilində on yeddi ədəd dini qəzet və jurnal nəşr olunur; bunların ikisi bizim pak olan islam dinindən rəvayət edir: biri Ufa şəhərində “İslam” adlı qəzetdir, biri də Simferopol şəhərində “Əsri-müsəlmanlıq” adlı qəzetdir. Cəmi bu saydığımız dini qəzet və jurnallara Şura mətbəələri nəhayət kağız buraxırlar. Onunçün da bu keçən mətbuat bayramı günündə xalq Şura mətbuatını təbrik edəndə, mən də keşiş mətbuatını təbrik edirdim; çünki, bu da Şura mətbuatıdır. Əgər Şura mətbuatı deyilsə, əgər lazımlı mətbuat deyilsə, bəs nə səbəbə Şura mətbəəsi ona kağız buraxır; özü də kağızın belə qıt vaxtında? Yaşasın (bir az vaxt) keşiş mətbuatı və onun mömin dostları – mətbəə müdirləri... Molla Nəsrəddin “Molla Nəsrəddin”, 9 may 1929, № 19 * * * Türk kitabları Bir səyyahın rəvayətindən Rusiya şəhərlərini gəzib dolanandan sonra Rostovdan keçdim, Şimali Qafqaza daxil oldum. Bir baş üz qoydum Tiflisə tərəf. Sonra getdim İrəvana, Naxçıvana. Oradan yenə qayıtdım Tiflisə və buradan da yollandım Bakıya. Məni bu səyahətimdə artıq maraqlandıran kitab ticarəti idi. Onun üçün də böyük stansiyalarda qəsdən vaqondan enirdim və Ümumittifaq Kontor Agentliyinin qəzet və kitab köşklərini müayinə eləyirdim. Qafqaz cümhuriyyətlərinin dairəsində gürcülərin və ermənilərin öz dillərində çap olunan kitablar hərənin öz dairəsində köşklərdə düzülüb, satılmaqda olduğunu müşahidə etdim. Məlumdur ki, bu təbii bir haldır və belə də gərək ola. Onun üçün də Poylu stansiyasından Bakıya tərəf düzülmüş köşklərdə də türk kitablarını ziyarət etməyə hazırlaşırdım. Akstafada məlum oldu ki, bura kiçik bir stansiyadır və məni ümidvar etdilər ki, türk kitablarını Gəncə kimi böyük stansiyada görə biləcəyəm. Gecə saat on ikidə Gəncədə yuxunu özümə haram edib, yendim. Gözümü ova-ova qəzet-kitab köşkünə diqqət elədim. Burada qeyri dildəki kitabların içində türk kitabı görmədim. Bunun səbəbini köşk müdirindən soruşdum. O, səbəbini bilmədi, ya bilib mənə demədi. Sonra yol uzunu Yevlax, Kürdəmir, Hacıqabul, Biləcər kimi böyük voqzallarda da çoxluca qeyri kitabların içində türk kitabı gözümə sataşmadı. Öz könlümdə dedim: Eybi yoxdur. Heç olmasa Bakı voqzalı necə ki, böyük bir voqzal və Azərbaycanın göbəyi mənim bu şəkk düyünümü açar. Yəqin ki, orada axtardığımı taparam. Heyhat! Burada iki-üç böyük köşklərdə hər dildə yazılan min-min böyük və kiçik kitablar içində mən bircə dənə, bircə cilddə, nə böyük və nə balaca türk kitabı tapa bilmədim. Başı alovlu özümü verdim köşk müdirinin yanına və onu Musa Kəlimüllaha and verib, soruşdum: Nədir bunun səbəbi? Kimdir belə bir halı yaradan? Bunun illəti haradadır ki, Ümumittifaq Kontor Agentliyinin köşklərinin ticarət sərgisində hər bir yoldaş millətlərin öz dilində çap olunmuş kitablarının vücudu ilə tək bircə türk kitabları gözümə sataşmır. Belə bir ağır məsuliyyəti kim öhdəsinə götürə biləcək ki, Şuralar İttifaqı cəmi millətləri qardaşlığa və hüquq bərabərliyinə dəvət edən bir zəmanədə köşklərdə türk kitablarını görməyən fitnəçilər və provokatorlar bu halı başqa bir dona geydirə bilər. Burada Ümumittifaq Kontor Agentliyini də töhmətləndirə bilər və hal o ki, İttifaqımızın cəmi millətləri bilaistisna mətbuatının intişarının tərəqqisi Ümumittifaq Kontor Agentliyinin baş rəhbərinin arzusu və amalıdır. Bakı stansiyasının köşkünün müdirinin cavabı xeyli maraqlıdır. Müdir yoldaş gör mənə nə cavab verdi: Biz başımıza nə çarə qılaq ki, “Azərnəşr” öz türk kitablarını bizə vermir ki, köşkümüzdə sataq. Mən burada barmağımı dişlədim və çox böyük fikrə getdim. Nəhayət, təəccüb elədim. Xob, “Azərnəşr” kitab fabrikasıdır. Heç ağıla gələn şeydirmi ki, bir fabrika öz məhsulunun rəvacını və intişarını axsatsın? Həmən gün getdim “Azərnəşr”ə və oradan aldığım cavabı burada yer olmadığından gələn həftə inşaallah dərc edərəm. Hələ ki, xudahafiz. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 29 noyabr 1928, №48 * * * Yazıçılar bayramı Həmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır. Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən. Doğrudur, axır vaxtlarda bir para Azərbaycan yazıçıları özlərini ortalığa tullayıb bir para boşboğaz yazılar yazmağa başlayıblar. Allaha şükür olsun ki, mömin millətimiz belə boşboğaz yazılara əhəmiyyət vermək istəməyiblər. Həmin bu səbəbdəndir ki, erməni yazıçıların bu günlərdə Mərdəkana səyahətə getməyini eşidib, oranın rayon komitəsi sədri Qara Əhmədov yoldaş qabağa çıxmaq, alqışlamaq əvəzinə, ancaq bunu söylədi: – Xoş gəliblər və səfa gətiriblər. Vəssəlam. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 27 iyun 1929, № 26 * * * Sabir barəsində xatiratım “Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq. Sabirin birinci şeri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq. Belə məlum olur ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı – Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şer özü–necə ki, şer ustadları mülahizə edə bilər–bir qədər zəifdir və bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur. Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşım Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir. Demə o, söyüş əvəzində həmin dəyərli mənzumə imiş: Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!.. Bəli, çap elədik. Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, “Hop-hop” imzasını idarəmiz qoydu). Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəkn sovqat atanın dərs oxuyan oğlundan gileyidir: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur. “Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu”-“Taparam, taparam, səbr et, yoldaşım, bir də gəlsə buraxmaram”. Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xalça mağazasına. Şeyxovlar qabaqca mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət buradaca qalsın. Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən “Molla Nəsrəddin”də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona verdiyimiz “Hop-hop” təxəllüsünü sonralar özü dəyişib, müxtəlif imzalar qayırdı. Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik. Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub, Mirzə Ələkbərin Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə” kitabında Sabirin “Sabir” təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi” kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (səh. 313). Onun üçün mən həməvəqt “Sabir” ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir. Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək. C.Məmmədquluzadə “Sabir kitabxanasının on illiyi”, Bakı, Azərnəşr, 1929, səh. 16-19 * * * Əliqulu Qəmküsar Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə, məqalə və şerlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Xadimi-millət”, “Otaylı” və son illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmii təxəlluslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir. Qiymətli Qəmküsar yoldaşımızın “Molla Nəsrəddin”də dərc etdiyi qüvvətli şerlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı: Vəhşiyyətinə aləmi heyran eləyib yar, Yar, əhrimənim, yar qoçağım, yar igidim, yar! – şeridir ki, oxucularımızın çoxunun indi də əzbəridir. Bu əsər şairimizin fikrinin açıqlığını aşkar göstərir. Bunu da qeyd etməyi lazım bilirik ki, “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı. Bunun nəticəsidir ki, din ilə həmişə mübarizədə olan məcmuəmizə Qəmküsarın rəğbəti o dərəcə qalxdı ki, 1912-ci ildə Culfada öz şəxsi işlərini buraxıb, Tiflisə köçdü və bizlə yoldaşlıqda məcmuənin iştirakına felən məşğul oldu. Fevral inqilabı yoldaşımız Qəmküsarı böyük bir həyəcana gətirir; belə ki, sərvətin indiyədək zəhmətə hücumunu şairimiz “Molla Nəsrəddin”in 1917-ci sənəsinin 26-cı nömrəsində belə təsvir edir: Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı, Füqəranı bəsdi az soy, elə ictinab, varlı! Həzər eylə rəncbərdən, ona bəsdi vurma noxta, O yazıq əkinçilərdən bir utan, bir az da toxta! Bu qədər yekəltmə qarnın, puluna güvənmə çox da, Olu bir zaman çəkərlər sənilə hesab, varlı! Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında əziz yoldaşımız Əliqulu Qəmküsar–Cüvəllağı bəyin adı həmişə “zindəbad” alqışları ilə zikr olunacaqdır. C. Məmmədquluzadə “Molla Nəsrəddin”, 30 may 1929, № 22 * * * 1930-cu il üçün iş planı Plansız yaramır bizim Şura quruluşumuzda iş görmək. Çalışmaq istəyənlərin hamısı bu qanuna tabe olmalıdır. Hər işi plansız başlayanda görürsən ki, axırda içindən qənbərqulu çıxır, iş baş-ayaq qalır. Başqaları birdən-birə beşillik plan tərtib verib, təsdiq eləyib, sonra parça-parça, hissə-hissə o plandakı işi həyata keçirirlər. Ancaq bu qaydanı “Molla Nəsrəddin” məcmuəsində işlətmək mümkün olmur. “Molla Nəsrəddin”in iş planı ancaq birillik ola bilər. Səbəbini soruşursunuz? Səbəbi odur ki, “Molla Nəsrəddin”in ümumi iş planı hamıya məlumdur. O plan hələ 25 il bundan qabaq tərtib verilibdir və bu günə kimi də, hətta bir çox illər də bundan sonra, o planın üstündə çalışıb vuruşacaqdır. O zamanlar iş planı tərtib vermək çox az yerlərdə adət idi. Lakin 25 il bundan qabaq “Molla Nəsrəddin” deyib ki, din, məzhəb, şəriət, etiqad, iman, cənnət, cəhənnəm, müctəhid, molla, keşiş, xaxam, mürid və habelə bütün bu qism sözlər gərək insanlar arasından götürülüb lüğətlərdən, kitablardan, yazılardan tamamilə silinib tullansınlar! Məscidlər, kəlisalar, sinaqoqlar, təkyələr, ibadətgahlar, pirlər, ziyarətgahlar, məhfillər, əza yerləri tamamilə sökülüb, dağılıb, maarif və mədəniyyət evlərinə döndərilsinlər. 25 il bundan qabaq “Molla Nəsrəddin” deyib ki, mülkədarlar, bəy və xanlar, məlik və əyanlar, bütün dövlətli və varlılar kəndli və zəhmətkeşlərin zəhmətlərindən istifadə edib, onların qanlarını soranlar və zülümkarlardırlar, onlar cəzalara məhkum edilməlidirlər! Bu və buna oxşar bir çox fikir və arzular “Molla Nəsrəddin”in 25 il bundan qabaqkı tərtib verdiyi planın əsas maddələrindəndir ki, hələ bu günə kimi bu yolda çalışır və çalışacaqdır. O ki qaldı 1930-cu il planı, bu il də “Molla Nəsrəddin”in müəyyən və ən aydın bir proqramı vardır; o proqram bundan ibarətdir: Bakının işçi dairələrində, məsələn, Balaxanı, Suraxanı, Zabrat, Bibiheybət, Bayıl, Zavağzal, Fabrika, Şubanı, Binəqədi, Xorazan, Xırdalan, Biləcəri və başqa bu kimi yerlərdə... – o yerlərdə ki, türk işçiləri, xüsusən iranlı yoldaşlarımız başdan-başa ciblərində həmkarlar ittifaqlarının üzvlük kitabçalarını və haqq-hesab dəftərçələrini saxlayırlar və bir paralarının da ciblərində Azərbaycan Kommunist (bolşeviklər) Firqəsinin üzvlük kitabçası vardır və özləri də firqə özəklərinə gedirlər, allahsızlar ittifaqında və başqa ictimai təşkilatlarda ciddiyyətlə iştirak edirlər... – həmin dairədəki bütün məscidlər, təkyələr, əzadarlıq evləri, pirlər və Molla Qurbanın otağı gərək 1930- cu ildə başdan-başa bağlansınlar! O yerlərdə klub, ümumi yaşayış evləri, məktəb, qiraətxana, kitabxana və daha bu kimi maarif və mədəniyyət guşələri açılmalıdır. “Molla Nəsrəddin” çalışacaq ki, o dairələrin gözüaçıq və düşüncəli işçiləri hamı bir yerdə söz qoyub aralarındakı molla, mərsiyəxan, fala baxan, rəml atan, dua yazan, cəddinin payını yığmaq üçün Ərdəbildən buraya gələnlərin hamısını aralarından, fəhlə dairələrindən çıxarıb qovlasınlar. “Molla Nəsrəddin” çalışacaq ki, 1930-cu ildə 15-20 illik stajı olan həqiqi zəhmətkeşlər öz haqlarını tanısınlar, sinfi düşmənlərini dostlarından ayıra bilsinlər. “Molla Nəsrəddin” çalışacaq ki, təşkilatlaşmış işçilər öz aralarında apardıqları işləri sonra da mütəşəkkil olmayan şəhər əhalisinə, kəndlilərə də təbliğ etsinlər; onlar üçun nümunə olsunlar, onlara yol göstərsinlər, gözlərini açsınlar. “Molla Nəsrəddin”in builki iş planıdır ki, bu yol ilə çalışacaq və bütün proletar sinfini də özünə köməyə çağırır. Əlbəttə, “Molla Nəsrəddin” inanır ki, Bakının siyasi və ictimai təşkilatları, xüsusən allahsızlar ittifaqı, bu böyük işdə ona birinci yardımçı olacaqdır. Molla Nəsrəddin “Molla Nəsrəddin”, 19 dekabr 1929, № 51 * * * Saqqallı uşaqlar Biz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki beşillik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın. Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlər. Bəs bunların axırı necə olacaqdır? Savadsızmı qalacaqlar, ya məktəb yaşlı uşaqlarla birlikdə bunlar da savad əxz eləməyə gedəcəklər? Mən, düzü, həqiqət bunların təklifini çox ağır hesab edirəm. Niyə, nə səbəbə? Səbəbi budur ki, iş başında olan bəzi işçilər, xidmətçilər bu hala qədər onlar üçün açılan savad məktəblərində tənbəllikləri üzündən savadsızlıqlarını təsviyə etməmişlər. Həyat irəli getmiş, kütlənin aktivliyi artmış, bu kimi saqqallı uşaqlar isə həyatdan geri qalmışlar. Bəziləri də belə güman edirdilər ki, cüzi savadla işi yola verərlər. Fəqət belə adamlar çox səhvdə olmuş və özlərini savadlandırmaq, savadlarını artırmaq yolunda bir iş görməmişlər. Bu belə. Belə tutaq bu saqqallı uşaqlar hökumətin məcburi savad əxz eləmək binagüzarlığından bir fəndlə boyun qaçırdılar. Xub, bəs dalı necə olsun? Onu gərək biz unutmayaq ki, beşillik planın qarşısında şura işçilərinin öhdəsində olan təklifi get-gedə ağırlaşır. Hazır planın indi üçüncü ilinə ayaq qoyduğumuz bir halda mərkəzi hökumət şura işçilərindən böyük və zərbəli surətdə çalışmaq tələb edir. Götürək Mərkəzi Komitənin 3 sentyabr müraciətnaməsini ki, oxucular qəzetlər vasitəsilə onun məzmunundan xəbərdar olmuş olalar gərək. Aya savadsız kənd şura işçilərimi bu müraciətnaməni cabəca etməyə qadir ola biləcəklər? Bu yolda təyin olunacaq fövqəladə briqadalarda iştirak edə biləcəklərmi? Sənaye, maliyyə planını dərk edə biləcəklərmi? İstiqraz məsələsində çalışmağa onun bacarığı və nüfuzu çatacaqmı? Və xülaseyi-kəlam, zəmanəmizin tələbatının müqabilində bu saqqallı müdirlərimiz dayanıb dura biləcəklərmi? Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən, qoca Molla əminin nəsihətini eşitsələr, indi bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab və qələm alıb balaca uşaqlar kimi savad əxz eləməyə başlayarlar. Beləliklə, onlar həmi məmləkətə xidmət eləməyə qabil olarlar, həmi özlərini gülünc bir halətdən çıxardarlar. Çünki, elə ki görürəm, Şura hökuməti savadsız bir işçini özünə yaraşdıra bilməyəcəkdir. Molla Nəsrəddin “Molla Nəsrəddin”, sentyabr 1930, № 27 * * * Cib dəftərindən Tema şəkildən ötrü: Təbrizdə məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: “satdıq qızılın var?” Təbrizdə “Ölülər”də, lojada bir İran sahibmənsəbi oyun vaxtı süfrəni açıb küftə yeyirdi. Mümkündür Təbrizdə arvadları salalar bir çuvala, ağzını kəfən kimi bağlayalar ki, kişi görə bilməsin. İsmətil-şərifə, Əmiril-haciyə, Bədril-şəriə, Tacüs-səltənə – Nəsrəddin şahın qızı. Təbrizdə şəkildən ötrü tema: Teatr qaranlıq, səhnədə yapışıblar recissorun yaxasından, dartırlar: bir yandan səhnəçi, bir yandan paltarçı, qrimçi; artistlər də bir artistin başına cəm olub, əllərini cibinə soxub deyirlər: çıxart bazarda xəlvət satdığın biletin pulunu bölək. Ziyarətə gedən dövlətlilərdən ki, qabağını seyidlər kəsib tapança gücü ilə pul alırlar, haqlıdırlar; zira ki, fəqir-füqəranı burada ac qoyub pulları ziyarət müsafirətinə xərc etmək rəva deyil. Gedənlərdən çoxları aclıq ilində min-min tümən qazananlardır. Mirzə Cavad ağa, Hacı Mirzə Cavadın nəvəsi, Malik, çox dövlətli, doqquz nəfər erməni müştərisi ki, araq çəkir və neçə dəllaləsi... Hacı Məhəmməd Cəfər İsfahani, Xiyaban qapısında, xəsis bir dövlətmənd. Hacı Mirzə Ağa Fərşfüruş Leylabadlı, yaşlı bir adam, amma bir qəpik mənfəəti millətə görünməyib, 120 mindən artıq mirası var idi, bolşeviklərdən qorxdu, qaçdı Kərbəlaya. Vaiz Təbrizdə Mirzə Ələkbər Əzizzadə, ziddi-maarif. Orucluqda Hacıxan Sərraf Niyar-miyar bazar küçəsində bir piti dükanında mühacirin xörək yeməyin görüb dükançı ilə dalaşıb, polis kəndxudası da tərəfkeşlik çıxıb. Əhərdə diş həkimi müftə çalışır. Məşrutədən qabaq vilayəti bir nəfər adam idarə edib beş yüz tümən alırdı camaatdan; amma indi əlli adam idarə edir, 24 min tümən alır. Ağa Mirəli–fanatik, Əhərdə. Əhərdə zilhiccənin 14–15-də məktəblər tətil elədilər, Kərbəla müctəhidinin vəfatı münasibətilə. Əhərdə mədrəsə, məccani. Azı ildə min tümənə kimi camaatdan alınır, Təbrizə gedir; amma Əhərin öz mədrəsəsinin müəllimləri məvacibsiz qalıblar. Şuşada qarət edən ağalar. Əsgərlər qan tökür, ağalar qarət edir. Baş məqalə – xəzinə dənizdi, yeməyən donuzdu. Qalada Ştulun qonaqlığında 26 min manat şabaş veriləndə məgər bizim millət başçıları orada deyildilər və əsgərləri görmürdülər? Şəkil – İngilis və Fransa xəlifəni hərə öz tərəfinə çəkir. Kommunistin evində bayram günü stol döşənib, kommunist dostuna deyir: – Bunu arvad döşəyib. Paltaratskidə İran nümayəndəsi İqtidaril-mülkün dəvətilə Ağa Seyid Hüseynin Məkkəyə getməyinə xərclik yığıblar. Moskvada on nəfər tələbə küçədə paltarlarını satırlar (üç aydır Qafqazdan maaş gəlmir). Petroqradda habelə (tələbə məktubundan). İtən dananın izini axtarırlar. Qiyamədinli kəndində, Qarabağda müsəllaya çıxıb yağış istəyəndən sonra oğruların izini axtarırlar. Həzrət Abbasın şəkli. Seyidlər Bərdə kəndində. İki seyid pərdə tutub dəstəmaz aldırıb şəkli göstərirmiş. Qadınlar barəsində deyirlər: Ağdam ağ olsun, Çervon kəsən sağ olsun, 25 manat dopluq, əlli manat lakirovannı tufli, Bunu alan sağ olsun. Kürdüstan qəzasında Nurəddin kəndində kənd ispalkomu Səlim. Piçans mahalında Ələkbər şəbehi. Ağdam – Qala arvad klubunda papiros çəkənlər (tüstü bürüyür). Şəkil – hökumət yemiş arabaçısı. Ədə, bu nə təhər araba sürməkdir? Şossa yolunu xarab eləyirsən, arabanı qaytar. Arabaçı yemiş verir. – Yol qayırmaqdan təngə-zarə gəldik (arabanı geriyə qaytarır). Yemiş rüşvət alır. Lahıc ispalkomu: – Mən sizin üçün Şümr gəlmişəm. Şəkil – İntelligentlər meyit namazında. Bərdə – Cəfəriyyə çaxır şirkətinin anbarı. Padvallar dolu çaxırla. Məsul işçilər gündə prob edirlər. Rezinlə içirlər. Şəkil – Telefon ilə eşqbazlıq. Şəkil – Uşaqların mənfəətinə olan çayxanaların qulluqçu və müdirləri. Şəkil – Çadrovi küçədə Mahmənzər xanım, on səkkiz arvadın qabağında: – Mən olmasaydım yas evini tanımayacaqdınız (yasdan-yasa). Şəkil – hökumət məmuru soruşur: Neçə baş malın var? Bu da cavab verir: – Bir atım, iki dəvəm, üç qoyunum, üç əyalım (üçarvadım). Birja trudda: – Nə iş bacarırsan? – Artist olaram, əlli il şəbeh olmuşam. Xəmisli Hacı Molla Ağa Gəncə qəzasının 9-cu nahiyəsində bir kəndlidən bir misqal davaya bir xalvar taxıl alır. “Revolyusiya və kultura”, Bakı, 1939, № 1 * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.