Pyeslər Cəlil Məmmədquluzadə (1869–1932) Çay dəsgahı Samavar 4. İstəkan 7. Maşa Padnos 5. Nəlbəki 8. Truba Çaynik 6. Qaşıq 9. Nökər Əli Əhvalat vaqe olur Zəngəzur mahalında bərgüşadlı Hacı Rəhimbəyin evində. Məclisin ortalığında qoyulub kreslo, üstə oturub Samavar. Sağ tərəfdə stullar üstə oturub Padnos, İstəkan, Qaşıq və Maşa. Sol tərəfdə yenə stullar üstə oturublar Çaynik, Nəlbəki və Truba. Padnosun qabağında stol üstə var kağız və qələm. Pərdə qalxan kimi Samavar üzünü məclisə tutub başlayır. Samavar Dəvət etdim sizi bura mən özüm, Çünki var sizlərə bir özgə sözüm. Diqqət ilə qulaq verin mənə siz, Ta ki, bu dərdə bir əlac edəsiz. Söz budur ki, dünənki gün bu zaman Çay içib qurtarıb xanımla xan, Görməyiblər o çayda bir ləzzət, Eləyiblər qulamı bihörmət. Söyləyiblər ona ki, ey nadan, Əqldən dur, eşşəgi-Həmədan! Nə çayın rəngi var, nə təmi gəlir Nə xoş ətri, nə ləzzəti bilinir. Ağanın beylə pəs tutub qeyzi – Ki, buyurdu bu gün qırsınlar bizi. İndi, qardaşlarım, dəxi nə edək? Biz bu işdə gərək fənaya gedək. Çaynik (ağlayır) Düşdü daş başıma, yıxıldı evim! Heç rəvadır ki, mən bu yaşda ölüm? Şəkk yoxdur, bizi ki sübh olcaq, Cümləmizi ağa tamam qıracaq. Padnos Heç qəm etmə buna, baba Samavar, Bəndə Padnos bu dəm əlac tapar. Əlac odur gərək bu saat biz – Əldə insafı biz tutaq hamımız. İttifaq eyləyək, olaq aqil, Ta görək həq, nədir, nədir batil. Səbəbin kəşf edək görək nə üçün, Nə çayın ətri var, nə rəngi bu gün?! Elə ki, biz bu tövr ilə bilərik, Səbəbin bu işin yəqin edərik. Ol zaman gər olar kömək tari, Verərik ağaya günahkari. Samavar Afərin, afərin, gözüm Padnos, Kömək olsun xuda sənə imruz. Sən dağıtdın mənim qəmimi tamam, Kömək olsun sənə həmişə imam. Çaynik Ax, dönüm başına sənin, Padnos, Kömək olsun xuda sənə imruz. Ürəyim sakit oldu, dincəldi, Nə qəşəng fikir ağlına gəldi. Samavar Elədi, indi başlayaq işi biz, Bəlkə sabaha qurtara işimiz. Gərək heç olmuyaq biz avarə, Bəlkə bir tövr ilə tapaq çarə. Bilirəm diqqət ilə biz indi, Başlayaq gər işi yəqinimdi. Həm günahkarı, şəkk yox, taparıq, Həmi də xabi-nuş ilə yatarıq. Sözümüz bir edib, olaq sadiq, Başlayaq məndən əvvəla təhqiq. Əhli-məclis, edin mənə diqqət, Qoymayın, insafı yerə heç vəqt. Cəhd ilə axtarın qüsurlərim, Həmçinin xoş sifətlərim, hünərim – Ki, bu dünyada hər neçə ev var, Yuxarı başda əyləşir Samavar. Günü keçməz, mən olmasam, xanın, Nə gədanın, şəhin və dehqanın. Hər bir evdə nə vəqt şadlıq olar, Ona baisdi tək baba Samavar. Kim odu su içində od saxlar? Onu saxlar genə baba Samavar. Mən qızanda gər istiyə birisi, Uzada barmağın mənə o kəsi “Uf”, “uf” ilə çıxardıban dilini Soxacaq ağzına bütün əlini. Yoxdu dərdim, bu dünyada nə qəmim, Tula şəhri olub mənim vətənim. Lehimim tazədir və safdı misim, Nə də tüstüm olar mənim, nə hisim. Lüləgim gendi, kipdi həm qapağım, Bu mənim qulplarım, bu da papağım. İndi, qardaşlarım, görürsüz siz, Ola billəmmi mən buna bais – Ki, çayın ətri gəlməsin və dadı? Götürüm üstümə bu tövr adı? Ağarıb saqqalım, özüm ahil, Ağamın mən evindəyəm on üç il. Deyil insaf onun evində bu dəm, Başlayım mən ona xəyanət edəm. Padnos (qalxır) Padnosam, həm özüm cəvanəm mən, Qab-qaşıqlar içində xanəm mən. Yoxdu çirkim, nə bir ləkə, nə tozum, Şəfəqim nur tək, gözəldi üzüm. Birisi diqqət ilə baxsa mənə, Pəh-pəh ilə məni alıb əlinə, Qalacaq surətim, mat-heyran, Edəcək tərifim qoca və cavan. Mənsiz olmaz nə toy, nə də bayram, Sədri-məclisdə mən gərək oturam. Qalı üstü və miz yerimdi mənim, Qabağımda durur gədə-nökərim. İstəkanlar və nəlbəkilərə mən – Analıq haqqını əta edərəm, Bəslərəm bunları qucağımda, Biri solda, biri də sağımda. Ağa, xanım edər mənə hörmət, İpək örtük verər mənə zinət. Rəngbərəng şir içindədir bədənim, Vardımı təqsirim bu işdə mənim – Ki, çayın rəngi yox, nə təmi gəlir, Nə xoş ətri, nə ləzzəti bilinir? Belə iş üz verə əgər məndən, Çürürəm tezlik ilə mən qəmdən. Ağamın mən üzünə ta qətən – Baxa bilməm dəxi xəcalətdən. Böyüdübdür məni onun əməyi, Kor edər gözlərim duzu, çörəyi. Samavar (Padnosa) Bizə çoxdan yəqin olub hasil: Əqlin artıq, özün də həm qabil. Qalarıq olmasan biz avarə, Sən taparsan çətin işə çarə. Razı olduq, ziyadə səndən biz, Çün gedirdik fənayə biz sənsiz. Çaynik (qalxır) Çaynikin qədrini bilər çay içən, Çay büsatında ruzigarı keçən. Olmasam mən, nə tövr çay dəm alar, Çay büsatı məgər ki, mənsiz olar? İki dəfə çıxam gərək hər gün, Ərşə mən, yəni başına babamın. Kimdi məndən uca görüm ol vəqt? Tək xudadır, o sahibi-qüdrət. Çox sevərlər məni ağa, xanım, Çinidəndir tutaq mənim canım. Amma neylər mənə ya od, ya alov? Dəm alar çün içimdə çayi-Papov. Bir neçə şəxsdən mənim əlbət, Şənim artıq ola gərək qayət. Köynəgimdir mənim ya şal, ya ipək, Təmiz ollam lətif mərmər tək. (ağlaya-ağlaya) Xoş gedərmi görüm xudaya, babam, Ağamın qeyzinə səbəb mən olam? Təqsirim olmasın, gedim zayə, Qırılım mən, köçüm o dünyayə? Samavar (Çaynikə) Ağlama, ağlama, oğul, Çaynik, Hamımız biz, bunu yəqin bilirik Ki, sənin yoxdu burda təqsirin, Olma sən heç əbəs yerə qəmgin. Sən özünsən həmişə taci-sərim, Sən ilədir mənim tamam hünərim. Olmasan sən mənim nə hüsnüm olar, Məni sənsiz məgər ki, yada salar Ya xanım, ya ağa, ya özgələri? Vardımı qeyrinin belə hünəri? İstəkan (durur) O hünər məndədi, baba Samavar! İstəkansız nə tövr çay qoyular? Olmasam mən, düşərmi çay yada? Vardımı beylə ev bu dünyada – Ki, o evdə mən olmayam lazım? Bəzi yerlərdə görmüşəm həm özüm – Ki, tökürlər suyu böyük qazana, Yığışırlar ata, bala və ana. Qaynayır su, qazana çay salınır, Yoxdu Çaynik, qazanda çay dəm alır. Yoxdu Çaynik və yoxdu həm Samavar, Nə Qaşıq, Nəlbəki, nə Padnos var. Amma var İstəkan və çay dəmdə, Gər belə evdə olmasam mən də Ya gərək çayı nimçəyə tökələr, Ya da su parçına töküb içələr. İsmi-rəsmim mənim olub məşhur, Bədənim də ya şişədir, ya bülur. Gər məni hörmət ilə saxlayalar, Mənim ömrüm otuz və qırx il olar. Elə ki, verdilər aşıq yerinə Məni oynatmağa uşaq əlinə, Ya da soyuq suda məni yuyuban Dağ suyu üstümə tökər nadan, Yoxdu söz, mən o vədə az yaşaram. Ola mümkün, əgər ki mən bacaram. Yollaram düz Sibirə qatilimi, Mən itirrəm bu tövr zalimimi. Kimdi burda otuz beş il yaşayan? O mənəm ağ, həmişə saf və cavan Pasım olmaz, nə tüstü, toz, nə hisim, Şad edər külfəti lətif səsim. Gərək hər gün ağa və xanımlar Dodağa qalxızıb məni öpələr. Əql kəsməz ki, mən olum naqis, Ağamın qeyzinə olum bais. Üstümə beylə pis adı götürüm Və olan ismü rəsmimi itirim. Samavar (İstəkana) Sənin əslin-nəcabətin, oğlum, Və sifatın bizə olub məlum. Sənə qiymət verər bahalı bülur, Yaraşarmı sənə bir özgə qüsur? Nə günahkar bizik, nə də sənsən, Olmarıq heç xəcil nə biz, nə də sən. Ağamın qeyzinə səbəb, əlbət, Ya Qaşıqdır, ya Nəlbəki bədbəxt. (İşarə edir Nəlbəki və Qaşığa və sonra onlara deyir) Degilən, Nəlbəki, bizə indi Ağamın qeyzinə səbəb kimdi? Ya özün beylə fitnə sahibisən, Ya Qaşıqdır bu tövr cürət edən. Nəlbəki (barmağının ucunu göstərir) Məndə gər bircə beylə təqsir var, Başımı kəs mənim, baba Samavar. Gər mənəm beylə bir günaha səbəb, Allah etsin mənə həmişə qəzəb. Şahid olsun xuda, bu mən, bu da siz, Diqqət ilə mənə burada baxız. Məndə tapsaz ya pis qoxu, ya ləkə, Məndə gər nalayiq süfət görükür. Samavar (onun sözünü kəsib deyir) Bilirik biz səni ki, yoxdu sənin – Nə qüsurun bu işdə, nə günahın. Qar kimi ağ, üzün belə göyçək, Nə yol ilə səni müqəssir edək? Qaşıq (ağlaya-ağlaya) Nə üçün mən olum, baba, bədbəxt? Nədi bilməm bu tövr əmrə cəhət? Samavar (Qaşığa) Etmisən sən dünən belə görükür, Biədəblik, həmi günahi-kəbir. Ağa, xanım səni təmiz bilibən İstəkana səni salubla dünən. İndi bildik günah edən kim imiş, Ağa, xanım nəçün deyirlərimiş Ki, çayın rəngi yox, nə təmi gəlir, Nə xoş ətri, nə ləzzəti bilinir. Qaşıq İzn ver, mən sənə, baba Samavar, Bir neçə söz edim bu dəm izhar. Mən bu işdə müqəssir olsam əgər, Öldürün siz məni, edin bisər. Mən cəvanəm, adım gümüş Qaşıq, Cəmi məxluq olub mənə aşiq. Çünki ömrü mənəm edən asan, Var-yoxun xərc edər mənə insan. Mənsiz heç kəs çayın dadın bilməz, Olmasam istəkanda, qənd əriməz. Heç olar isti çaya əl vurmaq? Kimdə var beylə bir uzun barmaq – Ki, yetişsin Qaşıq kimi qəndə. Bu hünər vardı bircə tək məndə. Vay o şəxsin, o yazığın halına – Ki, uzun çöp kəsib alar əlinə. İstəkanı qarışdırır çöpnən Və çayın təmini kəsir qətən. Mən problu, özüm təmiz gümüşəm, Dəxi mən bilmirəm nə eyləmişəm – Ki, çayın rəngi yox, nə təmi gəlir, Nə xoş ətri, nə ləzzəti bilinir? Vazehi beylədir, bəyan edirəm – Amma indi belə güman edirəm – Ki, səbəbkar beylə əmrə, baba, Ya Maşadır, ya da qara Truba. (göstərir Maşanı və Trubanı. Truba üzünü tutub yana, oxuyur bu beyti) Truba “Xabi nuşini bamidadi rəhil, Baz darəd piyadəra zisəbil”. Samavar (Trubanın sözünü kəsib acıqlı səslə çığırır onun üstünə) Kəs səsin, biədəb və nalayiq! Nə üçün üz verib sənə şadlıq? Biz bəladə və fikrdə, qəmdə, Amma siz həm fərəhdə, həm dəmdə. Çayı sizsiz həmişə zaye edən, Oluruq biz xəcil nahəqdən. Gərək indi mənə bəyan edəsiz, Hansınız olmusuz buna bais? Maşa (Samavara) Yoxdu, vallah, baba, mənim xəbərim, Dəyməyib mənim heç kəsə zərərim. Truba (Samavara) Şahid olsun bu əmrə ol qadir, Olmayıb məndən heç günah sadir. Gəlmişəm mən bu sinnə, görməmişəm Nalayıq iş, günah etməmişəm. Bənzərəm sərvə, qədd-qamətli, Olmuşam mən ziyadə qiymətli. Ondan ötrü ki, tək mənəm mahir – Ki, kömür bir dəqiqədə qızarır. Padnos Nisfi-şəbdir, belə güman edirəm, (Maşa və Trubaya işarə edir) Bunların barəsində söz verirəm – Ki, müqəssir deyillər heç birisi, Ondan ötrü ki, bunlar hər ikisi Heç deyil çay busatına daxil, Oldu indi mənə yəqin hasil – Ki, müqəssir bu işdə biz deyilik, Necə ki, cəmimiz bunu görürük. (bir az duruxur) Baba, indi gör ağlıma nə gəlir: Hamıya gün kimi müşəxxəsdir – Ki, çayın gər suyu bir az lil ola, Olmaz heç rəngi də onun əsla. Gərçi su lazımınca qaynamadı, Çayın olmaz nə ləzzəti, nə dadı. İndi mən beylə məsləhət görürəm, Çağıraq Nökəri buraya bu dəm. Soruşaq biz həqiqətin ondan, Odu bəlkə bizi bəlayə salan. Samavar (Padnosa) Mərhəba, mərhəba sənə olsun! (üzünü tutur uşaqlara) Çağırın Nökəri ki, tez gəlsin! (Padnosa işarə edir) Əsb tazi əgər zəif bəvəd (o biri uşaqlara işarə edir) Həmçinin əz təvileyi xər beh. Ərəb at gər ölə zəiflikdən, Yaxşıdır bir təvilə eşşəkdən. Gəlir nökər Əli, köhnə və cındır paltarda, əlləri kömürçü əli kimi qara və çirkli, Samavara baş əyir. Samavar (nökərə) Niyə sən çirklisən, a bədheybət? Bu ətəklər nəçün olub neybət? Əli Silirəm bunlar ilə qab-qaşığı, Nəlbəki, istəkanları, qaşığı. (əli ilə göstərir) Samavar (irəli çağırıb ətəklərini qoxlayır, sonra üzünü turşudub deyir) Neftə sən batmısan, belə bilirəm. Əli (ətəklərini göstərir) Lampanı bunlar ilə mən silirəm. Samavar (Padnosa) Yaz, bəradər, bu sözləri kağıza – Ki, düşə istəyəndə yadımıza. (Padnos götürür kağızı, qələmi və yazır) Samavar (Əliyə) Doğrusun indi sən gərək deyəsən, Nə su ilə çayı qoyursan sən? Əli Deməyibdir hələ mənə birisi – Ki, suyun vardı yaxşısı və pisi. Padnos (Əliyə) Qaynadıbsanmı, sən mənə degilən, Çay qoyanda suyu babamda dünən? Əli Bilmədim qaynadı, ya qaynamadı, Çünki hər vaxt qaidəm belədi: Açıram mən sudan bir az əlimə, Su əgər təsir eylədi dərimə, Mən haman vaxt çayı dəmləyirəm. Padnos (onun sözünü kəsir) Bilirəm belədir, yəqin edirəm. Əli ilə işarə edir ki, dəxi danışmasın. Padnos yazdığı kağızı götürüb, oturanlara başı ilə ayağa qalxmağı bildirir, cəmiən dururlar. Padnos (oxuyur) Nökərin sözlərindən indi bizə, Belə məlum oldu cümləmizə, Əvvəla, bizləri silir nəynən? Neftə batmış cırıq ətəklərinən. Saniyən, Nökər heç özü bilmir, Nə su ilə həmişə çayı qoyur. Salisən, zəhməti qəbul etməz Və suyu lazımınca qaynatmaz. Bizə çün beylə aşikar oldu – Ki, səbəb qilü-qalə məhz budu. Eləyək indi biz ağaya xəbər – Ki, müqəssir gərək ola Nökər. Əli Bir dəqiqə əgər məcal verəsiz Və mənim sözlərimə lütf edəsiz. İnanasız ki, yoxdu burda mənim – Həm günahım, həmi də təqsirim. Nökərəm mən, adım Əli nökər. Hansı nökər bu tövr qulluq edər? (ətəklərini göstərir) Edirəm altı aydı mən xidmət, Amma görməm məvacibi heç vəqt. Köhnə paltar mənim vəzifəmdir. Belə paltar görək nə aləmdir? Bircə dəsmal verib mənə xanım, Onilə evdə qab-qacağı silim. O da itmişdi çay qoyanda dünən, Nəyinən bunları sileydim mən? (uşaqları göstərir) Samavar (Samavar başını əyib aşağa, bir az fikir edir) Bələdəm zatına sənin, Nökər, Dəyməz heç bir pula bu cür sözlər. İş qurtardı və qaldı bircə sözüm, Bundan əqdəm dedim sizə mən özüm – Ki, tutaq insaf ilə hər işi biz, Bunu da indi siz nəzərdə tutuz. Nə üçün eşşəyi kənara qoyaq Və günahsız palanı tapdalayaq? Hansı evdə olar belə neybət, (Əlini göstərir) Bu qoyan çayə kim edər rəğbət? Çünki rəğbət edər buna ağamız Qilü-qalə səbəb odur şəksiz. Bu qoyan çay ona güvarə gəlir, Hansı ki, ağzının dadın bilmir. Hansı ki, çay içir nədən ötəri – Ki, içirlər çayı həm özgələri. Amma keçmiş zamanda mən bədbəxt Eylər idim bir evdə mən xidmət, Ax cavanlıq, şükufəsi ömrün! Doğrudur çatmaz heç keçən günə gün, Mən o evdə nə tövr ömr elədim! Olmaz idi o evdə dərdü qəmim. Çay içən vəqtdə məni nökər Mizin üstə qoyardı şamü səhər, Çay tökərdi həmişə xanım özü. Heç olarmı belə günün əvəzi! Görmürəm beylə hörməti indi, Nökərin mənzili məkanımdı. Hər tərəfdə kömür, sabın, piy, şam, Qalaram orda mən səhər, axşam. Mənə rəhm etməyib həmin nadan (Nökəri göstərir) Çirklənəndə silir məni qumnan. Amma bilmir onu ki, qırmızı yağ Məni eylər həmi təmiz, həmi ağ. Heyf o qəndə, o çayə, ay ağalar – Ki, onu xar edər belə nökər! Etmişəm beylə təcrübə hasil: Çay qoyub içməyi bilən aqil Çün tutar çox ziyadə qədrimizi, Silər o bizləri həmişə özü. Nökərə verməz o çayı-qəndi, Çayi pis dəmləyib tökən kimdi? Xanımın borcudur çayı tökmək, Necə xoşdur belə çayı içmək! Pərdə salınır Dekabrın 2-sində 1889, Baş Noraşen * * * Kişmiş oyunu Əhvalat vaqe olur 1891-ci ildə Gəncə quberniyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan, papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseynqulu və Mustafa. Bunlardan sinndə böyük Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə. Vəlisoltan (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə? Nurəli. Dünən kənddə deyirdilər ki, Novruzəli yeddi üç abbasıya satıbdır. Amma Novruzəlinin pambığı qolay pambıq idi. Mustafa. Görsənən budur ki, pambıq rəvacdır. Hava bir az yumşansaydı, bir-iki put pambığım var, aparıb satardım. Şirəli. Bu il pambıq yoxdur ki!.. Evi yıxılmış çor qoydu ki, vilayətdə pambıq tapılsın, tamam puça çıxartdı. Vəlisoltan. Allah kərimdir. Naümid olmayın (əsnəyir). Nurəli, sən Allah bir nağıl başla. Gecələr çox uzundur, yatmaqla qurtarmaq olmur. Nurəli (əsnəyir). Soltan ağa, hövsələm yoxdur. Bu gün heç bir şey deyə bilmərəm. Cəfər (Nurəliyə). Adə, sən niyə özünü naza qoyursan. Sən Allah, əzilmə, bir hekayət başla. Soltan ağanın sözünü yerə salma, bizim üçün də bir məşğuliyyət olsun. Hüseynqulu. De, de, Nurəli. Naz eləmə, başla. Nurəli (gülür). Vallah, heç könlüm yoxdur. Əgər zornan deyirsiniz, baş üstə (öskürüb başlayır çubuğu doldurmağa və bir az dikəlib deyir): Süxənəst çaşnizən ləbi-xəndan darəm. Cani-mən guş konəm çünki süxən can darəm. Amma raviyani-əxbar və naqilani-asar belə rəvayət ediblər ki, bir gün İsfahanda Şah Abbas öz barigahında əyləşib vəzirinə dedi: Ey vəzir, mənə bir yaxşı hekayət nağıl elə. Vəzir istəyirdi hekayəti başlasın… Töylə qapısı açılır, Vəlisoltanın nökəri Kərim daxil olur. Kərim. Ağa, iki erməni gəlib, cənabınızı soruşullar. Nə cavab verim? Vəlisoltan. Yəqin ki, yenə təzəkəndlidilər; yəqin ki, olardı. Olan, belə də yaman ermənilər olar? Xəta elədik olardan bir öküz gətirib qoşduq cütə. Ayda üç dəfə gəlib, zəli kimi yapışıllar, gərək pulunu verəsən. Heç bilmirəm necə eləyim. Öküzü versəm, yaz ağzıdı, sabah cüt çölə çıxanda məəttəl qalacağam. Pul da hələ əlimdə yoxdur. Allahü əkbər, bu nə iş idi düşdük. Bu ermənilər məni təngə gətirdilər. Nurəli. Soltan ağa, bular haman ermənilərdir ki, keçən həftə də gəlmişdilər? Vəlisoltan. A kişi, necə keçən həftə? Sən deginən həftədə neçə yol gələrlər bir arıq öküzdən ötrü? Nurəli. Soltan ağa, vallah, hövsələli adammışsan. Mən olsam, vallah, oların başına bir oyun gətirrəm ki, gəldiyi yolu da itirəllər. Vəlisoltan. Söz yox, elədir. Mən indiyə kimin istəmirdim oları incidim, yoxsa oların mənə zoru yoxdur ki. Nə ilə isbat eləyəcəklər ki, mənim olara borcum var? Nurəli. Vallah, Soltan ağa, heç zad vermə, it kimi qov getsinlər! Cəfər. Vallah, Soltan ağa, heç zad vermə, qoy cəhənnəm olub getsinlər. Vəlisoltan. Yaxşı, ondan nə çıxacaq ki. Bu gün vermərəm, sabah gələrlər. Nurəli. Pi, sabah da vermə. Oların sənə bir zoru yoxdur ki? Vəlisoltan. Bulardan heç zad çıxmaz. Sabah vermərəm, biri gün gələrlər. Nurəli. Soltan ağa, bu sözlər bir pula dəyməz. Bu işə biz bir tədbir tökməsək, ermənilər sənin yaxandan əl çəkməyəcək. Mən oları yaxşı tanıyıram. Cəfər. Xeyr, əl çəkməzlər. Nurəli. Soltan ağa, əgər mən bu erməniləri sənin başından həmişəlik rədd eləsəm, mənə nə verərsən? Mən oların başına bir toy tutum ki, ta nə qədər sənin canın sağdı, olar Bərgüşad kəndinə ayaq basmasınlar. Vəlisoltan. Hər nə istəyirsən verrəm; amma bu işdən ağlım bir zad kəsmir. Nurəli. Nə səbəbə bir zad kəsmir? Vəlisoltan. O erməniləri ki mən tanıyıram, olar öz başlarından əl çəkərlər ki, bu öküzün pulundan əl çəkməzlər. Nurəli. Soltan ağa, and olsun bizi yaradan Allaha, mən olara bir elə tövbələtmə görsədim ki, öküz oların bilmərrə yadlarından çıxsın. Vəlisoltan. Yaxşı, Nurəli, sən olara neyləyəcəksən ki? Nurəli. Sənin nə işin var; sən tamaşa elə, gör ki, nə eləyəcəyəm. Vəlisoltan. Ədə, Nurəli, birdən eşşəkliyinə salıb bir xata zad törədərsən, axırda peşmançılıq çəkərik. Nurəli. Soltan ağanın başına and olsun ki, heç bir xata məndən baş verməz. Arxayın ol. Vəlisoltan. Amma, Nurəli, vallah, bu ermənilər məni o qədər təngə gətiriblər ki, əgər buları mənim başımdan rədd eləsən, pambıq satılanda sənə bir mahud çuxa verrəm. Nurəli (sevincək durur ayağa). Baş üstə, Soltan ağa. Amma mənim də siz ilə bir şərtim var. Kərim getsin ermənilərin ikisini də çağırsın, gəlsinlər bura. Amma mən gərək gizlənim ki, olar məni burada görməsin. Ondan sonra mən gələcəyəm bura və hər nə danışsam, hər nə eləsəm, siz gərək zarafat biləsiz və mənim fəndimi başa düşəsiz ki, ermənilər bir zad duymasınlar. Ə gədə, Kərim, get erməniləri çağır gəlsinlər. Kərim gedir. Cəfər. Ədə, Nurəli, genə nə bicliyin var? Nurəli. Mən ölüm dinmə, tamaşa elə; gör nə işlərdən çıxacağam. Vəlisoltan. Dinməyin, ermənilər gəldi. Nurəli qaçır gizlənir, ermənilər daxil olur. Ermənilər (birdən). Allah saxlasın. Vəlisoltan. Ay Allah saxlasın. Xoş gəldiniz, buyurun əyləşin. Karapet. Eh, nə əyləşək, Soltan ağa. Bərgüşada yol döyməkdən çarıqlarımız yırtıldı. Vəlisoltan. Ə kişi, hələ bir əyləşin, dincəlin, sonra gileyinizi başlayın. Sərkiz. Nə əyləşinbazlıqdı? Quru-quru əyləşməkdən bizə bir qəpik nəf var? Vəlisoltan. Hələ bir oturun, görək nə var, nə yox? Bilirəm, siz öküzün pulundan ötrü gəlmisiniz. O barədə xatircəm olun. Öküzün pulun tamam-kamal verməmiş mən sizi, inşallah, boş yola salmaram Ermənilər oturullar. Karapet. Ağa, Allah aqibətin xeyir eləsin, elə, vallah, biz də kasıb adamux; əgər lazım olmasa, bu qədər gəlib getmərux. Sərkiz. Ağa, elə xacalat da çəkiruq; yəqin bil ki, lazım olmasa, buxantara gəlib getməruq. Elə bil, öz cibindən verirsən. Vəlisoltan (nökərə). Ə gədə, Kərim, get çay hazır elə, gətir. Kərim gedir, Nurəli daxil olur otağa və fikirli ermənilərin üzünə baxa-baxa gedib qısılır Şirəlinin yanına və başlayır onunla pıçıldaşmağa. Qalan kəndlilər və ermənilər Nurəliyə tərəf baxıllar. Mustafa həmçinin başın uzadıb başlayır Şirəli ilə və Nurəli ilə pıçıldaşmağa. Vəlisoltan. Nurəli, nə var, nə pıçıldaşırsız? Nurəli. Xeyr, Soltan ağa, heç bir şey yoxdur (Nurəli sonra Hüseynqulunun yanına qısılıb, başlayır onunla pıçıldaşmağa). Vəlisoltan. Gədə, Nurəli, nə var axı? Nə bir elə gizlin sözünüz var ki, pıçıldaşırsız? Hüseynqulu, nə var, Şirəli, nə olubdu? Şirəli. Xeyr, ağa, bir şey yoxdu. Ermənilər diqqətlə baxıllar kəndlilərin üzünə, Cəfər də həmçinin başlayır uşaqlar ilə pıçıldaşmağa. Vəlisoltan (qayım səslə). Olan, nə var axı? Nə xəlvət işiniz var ki, bizdən gizlin danışırsız? Hər nə sözünüz var deyin, biz də eşidək də. Burada ki, yad adam yoxdur. Nurəli. Soltan ağa, bir tədbirimiz var, amma cürət eləmirik ki, cənabınıza ərz edək. Çünki bilirik ki, izn verməyəcəksiniz. Haman mətləbi öz aramızda hələlikdə gizlin götür-qoy eləyirik. Vəlisoltan. Nə tədbiriniz var? Nurəli. Xeyr, bir tədbirimiz yoxdur, daxı nə baş ağrısı verək. Siz ki, izin verməyəcəksiniz. Vəlisoltan. Olan, axı bir de görək necə tədbirdir? Bəlkə elə yaxşı işdi; daxı niyə izin vermirəm? Nurəli. Xeyr, əlbəttə, yaxşı tədbirdi, çox gözəl tədbirdi. Amma xeyr, daxı nə lazım baş ağrısı olsun? Siz ki izin verməyəcəksiniz, daxı nə lazım ki, söyləmək? Vəlisoltan (guya ki, acıqlı). Vallahi ki, qəribə adamsız. Olan, siz bir mətləbi mənə deyin, mən də baxım görüm izin verməlidi, ya verməli deyil. Ermənilər heyrətlə baxırlar. Nurəli. Soltan ağa, doğrusu budur ki, bu saat, elə bu dəqiqə padşahlıq yolu ilə Qalaya Araz tərəfindən bir karvan kişmiş aparıllar. Aparanlar əvvəl-axır iki yava dəvəçilərdir. İkisi də piyada. Yoldan indi bu saat bizim kəndə gələn var. Dəvəçilərin özü ilə danışıbdır. Deyir dəvəçilər özləri kişmişi belə tərifləyirlər ki, guya o tayda indiyə kimi belə kişmiş əmələ gəlməyibdir. İndi biz uşaqlarnan elə haman mətləbi pıçıldaşırdıq. Soltan ağa, əgər sizin izniniz olsa, biz bu saat gedib, karvandan bir tay kişmiş gətirrik. Vallah, Soltan ağa, heç belə fürsət ələ düşməz; heç belə kişmiş olmaz. Əgər bir tay gətirsək, bütün qış bizə bəsdir. Vəlisoltan. Pəh, pəh! Afərin, afərin! Nurəli, məgər kişmişi çöldə töküblər? Tayı sizə kim verər gedib gətirəsiz? Nurəli. Soltan ağa, vallah, karvanda iki dəvəçidən artıq heç kəs yoxdur. Oların hərəsinin cibində bircə dana çuvalduz var. Vəssəlam. Amma biz altı-yeddi nəfərik, özümüz də, söz yox, tüfəng, tapança götürəcəyik. Əliboş ki, getməyəcəyik? Sərkiz (təəccüblə, qorxa-qorxa). Yəni istəyirsiz gedib zor ilə gətirəsiniz? Nurəli. Xeyr, aşna, nə lazım olub zor ilə gətirək. Biz bir tay çatarıq at üstə; dinməz-söyləməz gətirrik. İki dəvəçi bizim qabağımızda nə danışacaq ki, zor da lazım ola. Vəlisoltan. Vallah, Nurəli, mən qorxuram izin verməyə; çünki qorxuram gedəsiz, əlinizdən bir xata baş verə, ondan sonra di gəl divana düş, cavab ver. Ermənilər hər ikisi. Doğrudan xatalı işdir. Nurəli. And olsun o bizi yaradana, bu işdən heç bir xata bizə və sizə toxunmaz. Belə tutaq ki, elə dəvəçilər bizim qabağımıza durdular. Biz onların başını batırdıq, kim nə biləcək ki, bizik? Məgər biz işi o qədər ehtiyatsız tutacayıq ki, altımıza su çıxa? Vəlisoltan. Vallah, dəxi nə deyim? Əgər özünüzə belə arxayınsız, özünüz bilin, gedin. Amma aman günüdür, uşaqlar, ehtiyatı əldən qoymayın! Nurəli. Soltan ağa, sən lap arxayın ol (Yoldaşlarına). Yoldaşlar, durun, gedin. Hamınız yaraq-əsbablarınızı hazır eləyin, gəlin bura; buradan bir yerdə yola düşək gedək. Kəndlilər. Baş üstə. Çıxırlar. Karapet. Soltan ağa, gərək uşaqlara izin verməyəydin. Bu iş çox qorxulu işə bənzəyir. Soltan ağa, gərək izin verməyəydin. Məssəb haqqı, bu işdən qan qoxusu gəlir. Vəlisoltan. Vallah, elə mən özüm də peşmanam ki, izin verdim. A kişi, axı nə çarə qılım başıma? Deyərəm xeyr, olmaz, qoymaram, izin vermərəm, başlayıllar and-amanı ki, bu işdə bir xata yoxdu. Doğrusu, öhdələrindən gələ bilmirəm. Bir ay yoxdu ki, haman cahıllar ki, getdilər kişmiş oğurluğuna, üç ermənini padşahlıq yolunda soyub, birini də yaralayıb, beş-on manat pullarını, bir gümüş kəmərlərini gətirmişdilər. Elə indi bu saat hamısı silist altındadılar. Eh, doğrudan, aşnalar, müsəlman çox nadinc millətdi. Sərkiz. Soltan ağa, bizi yola sal gedək. Allah atana rəhmət eləsin. Yolumuz uzaqdır. Karapet. Soltan ağa, bizi yola sal gedək. Allah ömrünü uzun eləsin. Vəlisoltan. Yox, yox, heç olmaz. Bu saat nökər çay və çörək gətirəcək sizə. Və bir də ki, gecə vaxtı nə olubdu ki, gedəsiz? İnşallah, gecə qalarsız burda, tezdən öküzün də pulun alıb, yola düşərsiz. İndi Nurəligil kişmiş gətirəcək, bir az da qoyarsız dəsmalınıza, apararsız uşaqlarınıza. Karapet. Yox, yox, Soltan ağa, başına dönüm, bizə kişmiş lazım deyil. Bizi yola sal. Nurəli yaraqlı və qıvraq girir içəri. Nurəli. Hələ uşaqlar gəlməyiblər, ağa? Vəlisoltan. Yox, hələ gəlməyiblər. Nurəli, gələsiz, bu daşı ətəyinizdən tökəsiz. Doğrusu, mən qorxuram. Nurəli. Soltan ağa, nədən qorxursan? İnşallah, heç zad olmaz. Karapet (Nurəliyə). Ay Allah bəndəsi, belə işlərdən nə töküləcək? Xatadı, vallah, oturun aşağa. Bir tay kişmiş nədi ki, ondan ötərü özünüzü bəlaya salırsız? Nurəli. Doğrusu, Karapet, xonaxa, belə fürsət ələ düşməz. Bu kişmiş belə o sən deyən kişmişlərdən deyil. Heyifdir bu cür kişmişi əldən çıxartmaq. Yoxsa əlbəttə kişmiş nə bir elə bahalı şeydir ki? Karapet (Sərkizə). Zarmaneli bana. Daxil olurlar kəndlilər, qıvraq və yaraqlı. Kəndlilər (Nurəliyə). Nurəli, biz də hazırıq, gedirsən, gedək. Nurəli. Yaxşı, gedək. Hamı kəndlilər uzaqlaşırlar. Vəlisoltan. Xoş gəldiz. Aman günüdür, uşaqlar, ehtiyatlı tərpəşin. Kəndlilər (uzaqdan). Arxayın ol, Soltan ağa, heç xof eləmə! Vəlisoltan (ermənilərə). Bir də, dostum, siz nahaq yerə ehtiyat eləyirsiz. İnsanın alnına hər nə ki, yazılıb, o olacaqdır. Hər kəsə hər nə qismətdi – yetişəcəkdir. Əgər o kişmişlər bizim uşaqlara qismətdi, göydə də olsa, gətirəcəklər. Yoxsa nə olacaqdı bir mənə de görüm. Karapet kirvə, əgər mən səndən aldığım öküzün pulu sənə qismətdi, hər vaxt olsa, yetişəcək; yoxsa qismət deyil, al görüm, pulunu məndən necə alacaqsan! Karapet. Soltan ağa, hərgah öküz indi bu saat sənə lazım deyil, elə yaxşısı budur ki, ver aparaq. İndi mənim özümə öküz çox lazımdı. Vəlisoltan. Yox, dostum, verə bilmərəm. Öküz mənim özümə də lazımdır. Ancaq puluna sözüm yoxdur. İnşallah, gedəndə pullarını sanıyıb, qoyaram ovcunuza, apararsız. Uzaqdan bir neçə güllə səsi gəlir. Vəlisoltan. Bu nə tüfəng səsidir? Yəqin ki, bizim uşaqlar olacaq. Karapet və Sərkiz qorxa-qorxa dururlar ayağa. Sərkiz. Karapet, yaxşısı budur, biz gedək, sonra gəlluq, pulu alluq. Karapet. Soltan ağa, heç zərəri yoxdur, qoy pul qalsın. Doğru indi bizim yolumuzu kənddə gözətləyirlər. Əgər getməsəm, çox nigarançılıq olar. Allah qoysa, bir özgə vaxt gəlluq qulluğunuza. Vəlisoltan. Yox, yox, vallah, mən sizi gecənin bu vaxtı ac və susuz heç vədə yola salanmaram. Karapet. Yox, vallah, Soltan ağa, heç zəhmət çəkmə. Biz çörək-zad yeməyəcəyik. Elə biz getsək, çox yaxşıdır. Sərkiz (yapışır Karapetin qolundan). Elə, Karapet, gedək. Getməyimiz yaxşıdır. Pulu sonra gəlib alarsan. Vəlisoltan (qabaqların kəsib). A kişi, siz nə təhər adammışsınız? Axı bu soyuqda gəlmisiz, bir istəkan çay içməyə nə var? Ondan sonra genə gedərsiz da. Yoxsa belə də zad olar ki, mənim evimə gəlib bir istəkan da çay içməyəsiz? Bu harada görünübdür? Gədə, Kərim, çay necə oldu? Karapet. Ağa, elə çaydan vacib o Kərimi yolla görək kimmiş tüfəng atan? Bu heyndə kənardan tappıltı və qiylüqal səsi gəlir, ermənilər istəyirlər qapını açıb çıxsınlar. Nurəli və Şirəli və Cəfər və Hüseynqulu bir tay sürüyürlər otağın içinə. Ermənilər qorxub çəkilib qısılırlar bucağa və mat-mat baxırlar və kəndlilər tövşüyürlər. Vəlisoltan. Ədə, Nurəli, nə tez gəldiniz? Deyəsən, qoçaqlarım, əlidolu gəlmisiniz? Nurəli. Soltan ağa, oqatımız təlxdi, işimiz pis getdi. Allah axırın xeyir eləsin. Vəlisoltan. Nə var, Nurəli, olmaya əlinizdən bir xata çıxmış ola? O tüfəng səsi nə idi bayaq gəlirdi? Nurəli. Eh Soltan ağa, qəzadı da. Adam nə bilir ki, başına nə gələcək? Bir işdi olubdur. Vəlisoltan. Gədə, Nurəli, nə danışırsan? Yoxsa əlinizdən bir xata çıxıbdır? Qalan kəndlilər dəvəçinin ölüsünü sürüyüb salırlar otağa. Vəlisoltan mat qalıb, ermənilərin rəngi qaçıb və gözləri böyüyüb. Nurəli. Soltan ağa, gördün başımıza nə iş gəldi, necə xataya düşdük? Aman günüdür, Soltan ağa, bizə bir tədbir elə! Kəndlilər dəvəçinin ölüsünü salıb ortaya kor-peşiman çəkilib, kənarda başıaşağı mütəfəkkir baxırlar. Vəlisoltan (kəndlilərə). Olan, səfeh uşağı səfeh, bu nə iş idi elədiz? Gədə, köpək uşağı, dəli olmusuz? Adam da bir tay kişmişdən ötəri adam öldürər? La-ilahə illəllah! Nələt sənə şeytan! Haramzadalar! İndi mən nə tədbir töküm? Siz dəli olmuşduz, keflənmişdiz ki, getdiz nahaq qana bais olduz, ay it uşağı! Siz hələ silisdən qurtarmamısınız. Siz lap elə quldurmuşsuz, yol kəsən imişsiz. Siz vilayətin adın batırdız. Bərgüşad hara, belə işlər hara? İndi gəl divana cavab ver. Nurəli. Soltan ağa, iş-işdən keçibdir, durmaq vaxtı deyil. Sən bizə bir tədbir tök. Sən genə dünya görmüş adamsan. Vəlisoltan. Nələtə gələsiz sizi görüm! (Bir az fikir eyləyir). Gədə, durmayın daxı götürün ölünü də, kişmişi də, aparın töylədə peyin içində basdırın. Sabah olsun görək başımıza nə gəlir. Nurəli. Soltan ağa, xeyr, ondan fayda yoxdur; iş çox pis gətirəcək. Biz qəflət eləmişik. Vəlisoltan. Necə qəflət eləmisiz? Yoxsa gələndə adama-zada rast gəlmisiz? Nurəli. Xeyr, biz heç kəsə rast gəlməmişik. Deyirəm çox xam iş tutduq. Vəlisoltan. Necə məgər! Nurəli. (ermənilərə tərəf başı ilə işarə edib Vəlisoltana). Heç, deyirəm ki… (yenə baxır ermənilərə və başını buluyur). Cəfər (öz-özünə). Mən bilmirəm bu ermənilər hardan gəlib çıxdılar bura! Zəhrimar olsun buların öküzü də, haqq-hesabı da! Kəndlilər başlayırlar pıçıldaşmağa. Nurəli. Doğrudan, Soltan ağa, çox xam iş tutmuşuq. Gərək biz işin əvvəlindən tədbiri elə götürəydik ki, kənar adam bizim işimizdən xəbərdar olmayaydı. Vəlisoltan. Necə kənar adam? Bilmirəm siz kənar adam kimi hesab eləyirsiz? Kəndlilərin bir neçəsi əyilib baxır ermənilərin üzünə, pıçıldaşırlar. Nurəli. Doğrusu, Soltan ağa, biz bu işi heç vədə basdıra bilməyəcəyik. Bu ermənilər bizi girə verəcəklər. Bunlara nə etibar var? Erməni heç vədə müsəlmanın sirrini saxlamaz. Karapet. A canım, biz sizə nə vaxt yamanlıq eləmişik? Nə vaxt sizi girə vermişik? Ermənidən heç belə işlər görünməyib. Yer haqqı, göy haqqı, biz bu işi heç bir yerdə açıb-ağartmarıq, arxayın olun. Sərkiz. Va, olan, niyə deyiruq? Biz qonşu deyilük? Qonşu qonşunun sirrin açar? Vəlisoltan. Xeyr, Nurəli, siz bulardan arxayın olun. Yox, yox, bular elə adam deyillər. Nurəli. Xeyr, Soltan ağa, heç olmaz. Yox, heç ağlım kəsmir, bizi bular gurultuya verəcəklər. Erməniyə etibar yoxdur. Şirəli. Allaha and olsun, elə burdan çıxan kimi gedib pristova xəbər verəcəklər. Kəndlilər. Əlbəttə, belədir. Yəqin ki, xəbər verəcəklər. Karapet (yalvara-yalvara). Başına dönüm, Soltan ağa, bizi əldən qoy, çıxaq gedək Allah rizasına. Nurəli (qeyz ilə). Yox, dostum, gedə bilmərsiz; heç yana tərpəşə bilməssiz. Sərkiz. Canım, biz gedirik. Karapet, gəl düş qabağa, gedək. Cəfər. Nurəli, aman günüdür, qoyma getsinlər! Yoxsa bular bizim evimizi yıxar! Nurəli. Ədə, kimin nə cürəti var ayağın bayıra bassın? Kəndlilər başlayır pıçıldaşmağa. Karapet (yavaşca). Soltan ağa, aman günüdür, bizə bir çarə elə, o uşaqların fikri özgədir. Bizi çövür balalarının başına. Vəlisoltan. Dostum, qaçmaqdan savay bir əlacı yoxdur. Görün bir təhər qaça bilərsiz. Ermənilər qaçırlar, kəndlilər “Ədə, qoyma!” deyib ermənilərin dalısınca, erməniləri bir az qovub qayıdırlar otağa. Ölü qalxır. Nurəli. Soltan ağa, mən ölüm, bu ermənilər bir də bu kəndə ayaq basallar? Vəlisoltan. Bəli, o hörməti ki, biz bulara qoyduq, tez gələllər. Afərin! Kəndlilər hamı birdən. Sağ ol, Nurəli! Tamam olur, pərdə salınır * * * Kamança Faciə, 1 pərdədə Məclisdə olanlar Qəhrəman yüzbaşı. Qaraş. Həsənəli. Əziz. Qasıməli. Novruz. Zeynəb. İmran. Kamançaçı Baxşı (erməni). Qarabağda, dağın ətəyində, kəndin kənarında, ağacların dibində, çəməndə, axşama bir az qalmış, atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı bir daşa söykənib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tərəfdə bunun yasovulu Qaraş, qabağında yəhər və əlində iynə-biz yəhər tikir. Bir tərəfdə yoldaşlardan Həsənəli çörək-pendir hazırlayır və düzür Qəhrəman yüzbaşının qabağına. Qeyri yoldaşlardan Əziz və Qasıməli od yandırırlar. Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. Yenə bir neçə nəfər, kimi tüfəngə patron qoyub boşaldır, hamısı qəməli və patrondaşlı; bircə Qəhrəman yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. Kənarda ağaca bir neçə tüfəng söykənib. Bunlardan savayı yoldaşlarından biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, o biri tüfəngini götürüb aparır. Yavuqdan at kişnəməsi də eşidilir. Uzaqdan tək bir güllə səsi gəlir. Qaraş. Həsənəli, tez ol, Qəhrəman yüzbaşı səhərdən acdı. Qəhrəman yüzbaşı. Balam, Qaraş, vallah heç iştahım yoxdu. Həsənəli. Qəhrəman yüzbaşı, bir mənə bax gör nə deyirəm: sən ağır-arxayın çörəyini ye, üstündən də çay dəmləyim, kefincə iç, arxayın bu gözəl çəməndə yat; mən də kişi kimi sənə söz verirəm ki, sübh işıqlanan kimi erməniləri Qazançıdan çıxardım. Qaraş (Həsənəliyə). Mən ölüm Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Süleymanbəyə vaxtında patron yetirə idin, darda qalmayaydı; üç-dörd erməniyə əsir düşməyəydi. Mən, nəyə deyirsən, and içim (bizi və iynəni çırpır yerə) ki, Süleymanbəyin də yoldaşlarının da güdaza getməyi sən kimi bişüur yoldaşların bərəkətindəndir… Həsənəli (Qaraşa acıqlı). Ədə, Qaraş, vallah sən qudurubsan! Sən heç özün də bilmirsən ki, nə danışırsan! Mən Süleymanbəyə… Qəhrəman yüzbaşı (danışığı kəsir və hövsələsiz). Allah xatirinə bu bihudə danışıqları boşlayın. İndi daha iş işdən keçib; yəni heç Həsənəlinin də burada günahı yoxdu. Nə qədər başıdaşlı Süleymanbəyə çığırdım ki, dəyirmana girməyin. Mən bilirdim ki, orada erməni var. Yəni olmasaydı da, Süleymanbəygil ordan salamat qurtara bilməyəcəkdilər. Məgər yadınızdan çıxıb ki, haman dəyirmanda bildir ermənilər on iki adamımızı yandırdılar? Mən bilirdim ki, ora xatalı yerdi. Əziz (Qaraşa). A balam, Qaraş, doğru deyiblər ki, uzaqdan döyüş asan gələr. Hələ bir de görüm, Həsənəli başına nə daş sala idi? Deyirsən Süleymanbəyə patron yetirə bilmədi; amma sən bilirsənmi Həsənəli özü nə gündə idi? Həsənəli bu gün Xumarıdan Qazançıya kimi ermənilərin iki səngərini alıb, neçə erməni öldürüb, atalarını yandırıb. Niyə, davanın hamısını Həsənəliyə tutdurmuyıblar ki?.. Qasıməli (Əzizə). Hələ sən onu deyirsən, bu gün mən… Qəhrəman yüzbaşı (bir qədər dikəlib, hövsələsiz). A kişi, siz Allah, siz peyğəmbər, bu güftgunu boşlayın. İndi hər nə olub, keçib; qoyun bir saat qulağımız dincəlsin görək. Həsənəli (guya öz-özünə yavaşca). Yəni, Allaha şükür, bir şey ki, olmuyub. Genə necə olmuş olsa, ermənilərin atalarına od vurmuşuq. Qəhrəman yüzbaşı (birdən dikəlib, ucadan hirs ilə Həsənəliyə). Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların həyə beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz? Həmin söhbətdə yoldaşlardan Novruz adlı, əlində xəlbir, arpa xəlbirləməkdə idi; kənarda bir qaraltı görüb, əlini qoyur alnına, diqqətlə uzağa baxır və bir qədər baxandan sonra deyir: Novruz. Əziz, Əziz, bir gəl sən də diqqətlə bax gör o qaraltıları seçərsən, ya yox; mən onları adama oxşadıram. Əziz (gedib Novruzun yanında durub, diqqətlə haman tərəfə baxır). Bax, birisi özünü verdi qayanın dalına. Novruz. Sən öləsən, Əziz, ermənidilər. Onlar yəqin bizi gördülər. Bax, o birisi də keçdi daşın dalına. Həsənəli və Qaraş da durub diqqət ilə haman tərəfə baxırlar. Novruz. Sən öləsən, Əziz, bunlar ermənidilər. Bu sözləri decək Novruz cəld tüfəngini salır çiyninə, cilovu ağacın budağından çəkib, qaçır atlansın. Əziz də buna baxıb haman cür eləyir. Bunlardan savayı yoldaşlardan yenə ikinəfər cilovları götürüb qaçırlar. Qəhrəman yüzbaşı da və qeyriləri ayağa durub, haman tərəfə diqqət ilə baxırlar. Qəhrəman yüzbaşı (əlini qoyub alnına). Ədə, cəld tərpəşin! (Çığırır) Əziz! Atı döy, sənin atın qıvraqdı... Qaraş (ucadan). Çaparaq, çaparaq! (Alçaqdan). Qorxuram çata bilməyələr. (Bir az sakit olub) Aha, qoçaq Novruz deyəsən tutaçaq. Aha, Əziz də haqladı. Zalım oğlunun atının qabağından bir kəs qurtara bilməz... Qəhrəman yüzbaşı. Hey, hey... Yox, biri deyəsən qaçıb əldən çıxdı. Amma Qazançıdan bir-iki erməni görsəndi... Ədə, qorxuram uşaqları vuralar. Çox uzaqdan tüfəng atılır. Qəhrəman yüzbaşı. Yox, biri qaçdı. Odu, özünü soxdu Qazançının bağlarına... Qaraş. Aha, deyəsən birini tutdular. Qasıməli. Tutublar. Yəqin ki, yaralanıbdı; yoxsa bu da qaça bilərdi. Qəhrəman yüzbaşı. Amma qorxuram öldürələr. Yaxşı olardı diri gətirəydilər; danışdırandan sonra öldürəydik. Ədə, İmran, tez atıl atın üstə, çaparaqla. Deginən əgər ermənidirsə, diri gətirsinlər. İmran tüfəngi götürüb yox olur, bir qədər baxırlar. Qasıməli. Deyəsən gəlirlər. Qaraş. Gəlirlər. Hər kəsdisə, tutub gətirirlər. Qəhrəman yüzbaşı. Gəlirlər (gəlib oturur qabaqkı yerində). Qasıməli. Gətirsinlər görək kimdi... Qaraş. Hamısı piyada gəlir... Qəhrəman yüzbaşı. Qaraş, bunlar hər kəsdisə, nabələd adama oxşuyurlar. Bunlar ya gərək Saybalıdan gələlər, ya da Çeşməbasardan. O yerlərə də ki, erməni indi öz ayağı ilə gedib çıxmaz. (Bir qədər sakitləşirlər). Qaraş (cəld baxa-baxa). Budu, Əziz çaparaq gəlir; görək nə xəbər gətirir... Əziz (sevincək cəld atdan tullanıb, uzünü yüzbaşıya tutur). İkisi də Qazançı erməniləri imiş. Amma birinin əcəli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq... Budu, uşaqlar gətirirlər. Yüzbaşı, vallah, bunu da tuta bilməyəcəkdik, çünki mənzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmədi. Qəhrəman yüzbaşı. Biz elə xəyal elədik ki, güllə dəyib. Əziz. Yox, güllə dəyməyib, anadan doğma axsaqdı. (Atını çəkib bağlayır budaqların birinə). Budu, gəldilər... Novruz və İmran bir axsaq ermənini qabaqlarına salıb, gətirirlər yüzbaşının qabağına. Qalan yoldaşlar atları yerbəyer eləyirlər. Erməni, yəni kamançaçı Baxşı, sağ əlində örtük, içində kamança, yüzbaşıya ikiqat baş əyib, qorxa-qorxa sağına-soluna baxır. Qəhrəman yüzbaşı (yoldaşlara). Amma balam, deyəsən ovunuz bir ov deyilmiş. (Baxşıya) Adə, erməni, sən hansı kətdisən? Baxşı (titrəyə-titrəyə). Ara, mən qazançılı Baxşıyam. (o tərəfə-bu tərəfə baxır). Qəhrəman yüzbaşı. Yoldaşın kim idi? Haradan gəlirdiniz? Baxşı. Ay ağa, yoldaşım qazançılı tar çalan Qriqor idi. Çeşməbasardan gəlirdik; Zulfüqarbəyin oğlunun toyunda çalırdıq. Qəhrəman yüzbaşı. Çox əcəb, çox əcəb. Siz gedin müsəlmanların toyunda plov yeyin, axmaq müsəlmanların pullarını doldurun cibinizə, Qazançı erməniləri də gecə xəlvətcə tökülsünlər müsəlman kənd1ərini yandırsınlar. A balam, bəsdi, həya eləyin! Balam, bu iki cüt bir tək qorxaq ermənilər, bilmirəm, vallah, bizdən nə istəyirlər? Dünən Qazançı erməniləri bizim Sarvanlardan dörd nəfər elə bir igid oğlanlar öldürüblər ki, dörd yüz sənin kimi çolaq erməni öldürsək, genə əvəzi çıxmaz... Baxşı (titrəyir). Ağa, din haqqı xəbərim yoxdu. Allah (əllərini göyə qalxızır) bais mərdimazarın evini yıxsın! (ağlayır). Qaraş. Hə, ağlarsan, ağlarsan! Bəs niyə ağlamırsan?! İndi ağlarsan. Bilirsən ki, bu saat başını qoyun başı kimi kəsəcəyik. İndi, bax, qorxundan yoluq cücəyə oxşuyursan. Amma, vallah, fürsət tapsan, sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən. Baxşı (titrəyir). Nə deyim, a qardaş. Qəhrəman yüzbaşı. Adə, erməni, Vartan indi hardadı? Bilirsən hansı Vartanı deyirəm? O ki, bizim Şirzadı apardı, öldürdü, o namərdi deyirəm; bilirsən hardadı? Yəni bilsən də, doğrusunu ki, deməyəçəksən. Baxşı (titrəyir). Vallah, bilmirəm. Qəhrəman yüzbaşı. Eybi yoxdu. İndi o şişləri qızardıb səni dağlayanda deyərsən doğrusunu... Zeynəb arvad mərəkə ilə ağlaya-ağlaya özünü salır ortalığa və Baxşının üstə hüçum çəkib, onun üz-gözünü başlayır cırmaqlamağa. Zeynəb. Budu Qazançı ermənisi? Sənsən? Sənsən? Bu saat səni mən tikə-parça eləyəcəyəm! Öz əlimnən səni doğrayacağam, qiymə-qiymə eləyəcəyəm! Hanı mənim oğlum?! Hanı mənim pəhlivan Şiralı oğlum?! Niyə onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır və sonra qaçıb Qaraşın belindən qəməni çəkib, qalxızır Baxşının üstə). Vurum? Vurum? Vurum? (Bu halətdə dayanıb durur) . Baxşı yanını yerə vurub, sağ əlindəki kamançanı gizlədib, sol əlini tutub qəmənin qabağına. Qəhrəman yüzbaşı (Zeynəbə). A rəhmətliyin qızı, sən də burada bizi məəttəl eləmə! Arvadsan, get arvadlığına! (Cəld gəlib istəyir qəməni Zeynəbdən alsın, bu da vermir və dartınıb çəkilir kənara. Yüzbaşı öz qəməsini çəkib, qalxızır Baxşının üstə və uzünü tutur Zeynəbə). Qəməni elə işlətməzlər, bax belə işlədərlər! Zeynəb cəld gəlir durur yüzbaşı ilə Baxşının arasında. Qaraş yavuq gəlib, Zeynəbi itələyir. Əziz gəlib təpiyi ilə arvadın, dalından vurub yıxır yerə və qeyri yoldaşlar arvadı çəkib salırlar kənara. O da ağlaya-ağlaya uzaqlaşır. Bu arada Baxşı kamançanı uzadır Novruza tərəf. Baxşı. Novruz ğardaş, səni and verirəm bizi yaradan Allaha. Mən öləndən sonra bu kamançanı bir kəsə vermə. Ara sakit olandan sonra, zəhmət çəkib bizim Muğuş balanı tapasan, bu kamançanı verəsən Muğuş balama. Qurban sənə, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verəsən. Qaraş acıqlı gedib, cəld kamançanı dartır və yuxarı qalxızıb, istəyir çırpsın yerə. Baxşı iki əllərini yuxarı qalxızıb yalvarır. Baxşı. Ğurban sənə, ğardaş, bir azca dayan, mən öləndən sonra kamançanı sındır ki, gözüm görməsin. Qəhrəman yüzbaşı. Buna bax, sən Allah, bu erməninin damağına bax; bir tikə ağac qırığını istəməyinə bax! Əziz. Amma, Qəhrəman yüzbaşı, indi ki, söz düşdu, qoy deyim. Sən ermənini qınama. Bu zalım oğlu, bilirsən, kamançanı necə çalır? Keçən il Əbdüləligilin toyunda... (Baxşıya). Ədə, orda çalan sən deyildin? Baxşı. Hə, ğardaş, mən idim... Əziz. And olsun Allaha, dad-bidad eləyirdi. Qəhrəman yüzbaşı (Əzizə). Doğrudan? Əziz. And olsun sənin başına, necə ki, deyirəm, elədi. Qəhrəman yüzbaşı (Kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa). Doğrudan, görək bu necə şeydi. (Örtüyü çıxardır, atır yerə, başlayır kamançanın o tərəfinə – bu tərəfinə baxmağa. Yoldaşlardan da bir parası gəlib baxırlar) Hey, erməni, bu nə bir şeydi ki, bu qədər istəyirsən?.. Baxşı əllərini göyə qalxızıb, yalvaran halətdə qalır. Qəhrəman yüzbaşı (kamançanı uzadır Baxşıya). A balam, yazıqsan, barı bir dəfə də çal. Baxşı cəld durur ayağa, kamançanı alır, çəkilib oturur dizi üstə, cibindən tikirtkə çıxarıb kəmanəni çəkir tikirtkəyə, qırılmış simlərin birini tez düyünləyir, simləri yoxlayır, kökləyir, üzünü Qazançı kəndinə tərəf tutub, ah çəkir və ermənicə deyir: “Ax sireli Muğuş bala”. Sonra bir-bir adamların üzünə baxıb, başlayır çox həvəslə Rast havasını çalmağa. Rastdan Şikəsteyi-farsa keçəndə Qəhrəman yüzbaşı gözu ermənidə və qulağı kamançada, durduğu yerdə yavaşca oturur və Baxşı çaldıqca qəməni yavaş-yavaş, guya özündən bixəbər, soxur belindəki qınına və qulaq asmaqda olur. Adamlar hamısı sükutdadır. Baxşı çalmağını tamam eləyib, qorxan və müntəzir halətdə baxır Yüzbaşının uzünə. Qəhrəman yüzbaşı. A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? (Baxşı təəccüblü baxır və bir söz demir. Qəhrəman yüzbaşı acıqlı və bir az ucadan. Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görum, bizdən niyə əl götürmürsünüz? Baxşı (qorxa-qorxa). Ay ağa, Allah haqqı, mən heç nə eləməmişəm. Qəhrəman yüzbaşı (acıqlı və ucadan). Hə, eləməmisən! Vallah dünyada nə qədər canım sağdı, hansı biriniz əlimə keçsəniz, tikə-tikə doğrayacağam! Sizin gərək toxumunuzu yer üzündən kəsəm! Baxşı. Ay ağa, axı mən nə eləmişəm? Qəhrəman yüzbaşı (acıqlı üzünü yoldaşlarına tutub, bir az alçaqdan). Allahü əkbər! Dəli şeytan deyir... (qəməsini qınından çəkir, qalxır ayağa və üzünü yoldaşlarına tutub deyir). Yəni siz elə güman eləyirsiniz ki, mən bu çolaq ermənini öldürməknən hirsim soyuyacaq? Soyumayacaq! (Bir qədər erməniyə tərəf baxır, dinmir). Hələ buna bax, sən Allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrənməmiş olsunlar. Şeytana papaq tikirlər. Bu çolaq da kəmənçəni bağrına basıb, gör nə əməllərdən çıxır. Haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına. Allahü əkbər! (Qaraşa). Qaraş, bir papiros yandır. Qaraş papiros çıxardıb yandırır, verir yüzbaşıya. Bu heyndə Baxşı kamançanı kökləyir və başlayır Segah-zabil havasını çalmağa. Bir qədər qulaq asandan sonra, Qəhrəman yüzbaşı durduğu yerdə yenə yavaşca oturur və Baxşı çaldıqca yüzbaşı yavaş-yavaş, guya özündən bixəbər, qəməni soxur belindəki qınına və huş-guş ilə qulaq asmaqdadır. Adamlar hamısı sükutdadır. Qəhrəman yüzbaşı (Qaraşa). Qaraş, sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, vay!.. (Yüzbaşı bu sözləri deyəndə Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çəkir. Yenə Baxşı şövq ilə çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillənir). Bax, belə!... eləcə!.. əcəb!.. afərin!.. eləcə!.. eləcə!.. (və axırda yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir). Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (Çığırır). Çıx get! Baxşı (qorxa-qorxa). Ay ağa, hara gedim? Qəhrəman yüzbaşı (çığırır). Cəhənnəmə get! Evinə! Baxşı qorxa-qorxa baxır adamların üzünə, kamançanı və örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halətində qalır. Qəhrəman yüzbaşı haman durduğu yerində durub, dinməz-söyləməz baxır Baxşı gedən tərəfə. Bir qədər də baxandan sonra qəməsini tullayır yerə və guya öz-özünə deyir: Qəhrəman yüzbaşı. Eh, namərd dünya!.. Yanvar 1920, Şuşa qalasında * * * Oyunbazlar Həsənov – müəllim Aban bəy – qumarbaz Qulu bəy Şagirdlər Əvvəlinci məclis 1 Əvvəlinci məclis başlanır uçitel Həsənovun otağında. Otağın iki qapısı var: biri yandan, biri də qabaqdan. Otağın bir küncündə bir yazı stolu, bir tərəfdə sarı şkaf. Stolun üstə on-on beş şagird dəftəri, bir şarsız lənpə, bir tərəfdə taxt, üstündə yorğan-döşək. Divardan bir köhnə yay paltosu asılıb. Həsənov oturub stolun bir tərəfində, başında yay furajkası, bir az geri verilmiş. Onun yanında Aban bəy başıaçıq. Həsənov əlində kart kağızlarını tutub qarışdırır. Şkafın üstə bir qlobus. Qapının biri açıqdı və uşaq Mirtağı gəlir. Həsənov (üzünü tutub qapıya ucadan). Əhməd, sən oxu. (Üzünü tutub Aban bəyə). Mən oldum səkkiz, sən oldun dörd. Aban bəy. Ay sən öləsən. Ədə, necə dörd? Huşun dağılıb? Bayaq dörd idim. İndi də ikisini getdim. Bu altı dənə. Deyirsən üzünə tüpürüm? Həsənov (kartları yenə bir çalır, papiros ağzında). Olsun! (Üzünü qapıya) Ədə, demədim oxu? (Kartları paylayır). Səs. Uçitel, s naçalo? Həsənov (kart əlində). Yox, paprovodnıy odevayetsdən oxu. Aban bəy. Ey, meyidini görüm. At yerə qızıl onluğu. Doğruluğunan aparır kürzə! Həsənov. Gözünü sil! Səs. Uçitel, axı, orada qalmışdıq. “Solnışko və okno” Burdandı. Həsənov. Hey di yaxşı oxu! Səs. Çelovek i zver i putaşka vse beryotsya za dela, s naşey taşitsya bıkaşka, za metkoy letayet piçela. Aban bəy. Çərrə, bu da xaç. İkilik getdi. Sən öləsən, başını qaşısan, udacıyam. Həsənov (üzünü tutub qapıya). Hey…başla! Səs. Uçitel oxudum da. Həsənov. Yaxşı elədin. Bir də oxu! Səs. Opyat? 2 Həsənov. Hey, xorom, bir yerdə (klas qapısına səmt əyilib sol əlində kart, sağ əliylə işarə edib, deyir). Xorom, hey, hey… Uşaqların xor səsi kəsiləndən sonra Aban bəy hər bir kartı apardıqca deyir: “Hey… xorom, bir yerdə, hey, xorom, bir də” Həsənov. Bala, bir də xorom oxuyun. (Uşaqlar başlayırlar bir də qışqırmağa). Aban bəy. Əşi, sən Allah bunları az ulaşdır. Boşla, getsinlər evlərinə. Həsənov. Tələsmə, bu saat rədd eləyirəm. Qoy bir dərslərin soruşum hələ. Aban bəy. Əh, bir də gedəcəksən ora? Həsənov. Əşi, kimdi ora gedən. Bir dəfə soruşub ötürəcəyəm. Hələ götür bir papiros qayır. (Özü də papiros qayırır. Sonra üzünü qapıya) Ədə, dünən yazdığınızı bir oxuyun görüm, (klasa səmt) Quluzadə. (Cavanlar oxumaqdadırlar). Səs. Ya idu v şkolu. Staruxa kupila kuvşin moloko. U menya brat i sestra. Həsənov. Ədə, bircə modsk oxuyacaqsan? Bəs, mənası necə oldu? Başdan. Səs. Ya – mən, idu – gedirəm, v şkola – şkola, staruxa – qoca övrət, kupila– satın aldı, kuvşin – səhəng, moloko – qatıq. Həsənov. Yalan danışma, otur yerə, qulaq as, bir deyim, özünüz də əzbərləyin. Ya – mən, idu – gedirəm, v – içinə, şkolu – məktəbin, staruxa – qoca övrət, kupila – satın aldı, kuvşin – bir səhəng, moloko – süd. Mişe – balaca Mişa, buna Mixail də demək olar. Bejal – qaçdı, v – içinə, sadmbağ, i – və, Volqa – çay adı, kriç – səs eləyir. Səs. Uçitel İvolqa bir yerdə yazılıb kitabda. Həsənov. Nağıl danışma! Çapxanada qələt düşüb. Üstünə bir nöqtə qoy yadından çıxmasın. Evdə dədən soruşsa, deynən çapxanada qələt düşüb. Sabaha bunu yaxşı əzbərlərsiniz. Aban bəy. Prosba, hey, mən ölüm belədimi? Həsənov. Əşi, yavaş danış da. Uşaqlar eşidər. Aban bəy. Ay qarğabeyin, qaşqabağını bir az da tök. Dalan qapısı taqqıldayır. Həsənov. Kimsən? Gəl. Teleqraf raznosşiki girir içəri. Raznosşik. Qasanov vı? Həsənov. Ya, çto qovariş? Raznosşik Həsənova bir teleqram verir. Həsənov qəbzə qol çəkib raznosşiki rədd edir və sakit məşğul olur teleqrafı oxumağa. Aban bəy səbr etməyib soruşur: Aban bəy. Kimnəndi? Həsənov. Yavaş, qoy görüm. (Gah oxuyub, gah fikir edir). Aban bəy. Şüurun tökülsün. İki kəlməni səhərdən oxuyanmır. Ə, yoxsa qulluqdan qovalayıblar. Sən öləsən belədir. Çox girrənirsən. Həsənov. Yox, oxumağına oxuyuram. Amma bir şey başa düşmürəm. Aban bəy. Bə sən ki, bir teleqramı oxuyanmırsan, bu uşaqları niyə burada avara eləyib adını uçitel qoymusan? Həsənov. Yox, başa düşürəm, amma ona təəccüb edirəm ki, niyə başa düşmürəm. Aban bəy. Ə, uşaqlara da elə sözü belə qandırırsan? Həsənov. Yox, başa düşməyinə düşürəm. Amma mən elə bilirəm ki, bu teleqramı mənə səhv yetiriblər. Bu teleqraf gərək özgəsinin ola. Aban bəy. A kişi, mən ölüm axmaxlama, axı, bir oxu, görək, nə yazıblar. Çox məzədi ha! Həsənov. Sən bir mənə de görüm, burda məndən savay yenə Həsənov var? Aban bəy. Olmağına var. Amma sənin kimi axmaq yoxdur. (Qəh-qəhə çəkib gülür). Həsənov. Ədə, mən ölüm az hırılda. Qulaq as, bir oxuyum, bəlkə sən başa düşəsən. Klas otağından uşaqların birisi deyir: Səs. Uçitel gedək? Həsənov (üzünü klas qapısına tutub). Tişe, tişe. (Teleqrafa 3 baxır). Hə, bunu Təbrizdən Kərimbəyov göndərib. Yazır ki, Təbriz bankında dilmanc yeri açılıb. İldə min səkkiz yüz manat məvacibi. Əgər farsca savadın var, teleqraf elə. Upravliyayuşiyə deyim səni təyin eləsin. Vəssəlam. Aban bəy. Yaxşı, bu bir çətin mətləb deyil ki, axı başa düşmürsən. Yerdi açılıb. Kişi də sənə xəbər verir də! Həsənov. Yox, axı iş onda deyil. Axı, belə Kərimbəyov ilə mənim bir elə yaxınlığım yoxdur. Buna hər nə deyirsən de, amma qorxuram ki, bu teleqraf mənim olmaya. Aban bəy. Ay qardaş axır özgənin teleqrafını niyə sənə verirlər? Yaxşı, teleqrafın üstə sənin adın yazılmayıb? (Üzünü tutub camaata). Deynən ki, oxuya bilmirəm ki, görüm nə yazılıb. Həsənov. Nə deyirsən? Aban bəy. Heç, sənnən deyiləm. Həsənov. Ə, bə necə eləyək deyirsən? Aban bəy. Mirzə Səfər, vallah incimə məndən. Amma çox gütah adamsan. Qardaş, adam işıq gələn yerə papağını tıxmaz. Hazır yer açılır. Sənin də adına teleqraf gəlib, ta niyə durubsan? Bir mənə de görüm burda sən beş-altı uşaqdan ayda ayrı-ayrılıqda beş manatdan artıq almazsan. Götür bu saat tel ver ki, razıyam, təyin eləsinlər. Bu keçəlküçəli başdan elə. Qoy, get Təbrizə. Ta sən gedəndən sonra teleqraf sənə də olmasa, səni ki, dübarə geri göndərməyəcəklər. Əyləşərsən Təbriz kimi yerdə. İldə əlinə gələr min səkkiz yüz manat məvacib. Bir arvad siğə eləyərsən. O qədər çilov ye ki, qarnında çəltik göyərsin. (Hər ikisi gülür). Vallah, doğru deyirəm get, fürsəti fövtə vermə. Yoxsa, yer qulaqlıdır. Teleqraf sahibinin xəbəri olar, gəlib teleqrafı əlindən alar. Əlin qalar boşda. Həsənov. Sən öləsən, doğru deyirsən. Yazıram ki, razıyam (Tez kağız götürür, əlində tutub, fikir eləyir). Aban bəy. Əşi, çox fikirdən fayda yoxdur, yaz qoy getsin. Hey, xorom! (Uşaqlar ”xorom” səsi eşidib başlayırlar bir yerdə oxumağa. Aban bəy uğunur. Həsənov hirslənib durur ayağa). Həsənov (Aban bəyə). Əh, əşi, bəsdi da! Şuluq eləmə. (Tez qaçır klas qapısına və deyir). Tişe. (Uşaqlar səslərini kəsir). Aban bəy (udqunub Həsənova deyir). Balam, uşaqların baş aparır. Həsənov teleqrafı yazıb qurtarır, uşaqların birini qapıya çağırıb teleqrafı pulla verib, deyir. Həsənov. Tez apar bu kağızı teleqrafxanaya və qəbzi gətir. Yubanma, qoçum. Adə, yolda soruşub eləyən olsa o nədi, göstərmə. Di tez. (Aban bəyə) Ayə, sən öl, işim tutsa, çox yaxşı olacaq. (Əllərini bir-birinə sürtür, Aban bəyə tərəf gəlib onun qollarından tutub silkələyir. ) Kefdi, kef! (Sonra tez qapıya qaçıb deyir) Uşaqlar, gedin evinizə. Aban bəy. Keyfin şeş çəkdi ha. Amma sən öləsən, bir qonaqlıq borcundur. Həsənov. Verməyən namərddi. Amma, Aban bəy, canım qurtardı, sən öləsən. Vallah, bilmirsən ki, necə qaragünçülük ilə çörək qazanıram. Bax, bu uşaqları görürsən, ömrümün kankanıdırlar. Bax, bunların hərəsindən ayda iki manat yarım pul alıram, onu da ataları can çəkirlər versinlər. Sən öləsən bəzisi var ki, şaha-şaha gətirir aylığı. Qara geyim həyə birini artıq-əskik deyirəmsə! Bu uşaqların birisinin atası baqqaldı. Aylıq əvəzinə keçən ay yağ göndərmişdi. Amma nainsaf oğlu sarı yağ əvəzinə quyruq yağı göndərmişdi, qoxum-qoxum qoxurdu. Bu da bunların haqq verməyi. Bu indiki oğlan ki, telin cavabını apardı, dəllək oğludur. Keçən ay göndərmişdim ki, aylığı gətirsin. Atası cavab vermişdi ki, heç eybi yoxdur, uçitelə deynən ki, başını qırxaram haqlaşarıq. Hələ biləsən ki, umu-küsüləri nə qədərdi? Bir gün həmin dəllək gəlib uşkola deyir ki, oğluma heç zad öyrətməyibsən. Deyirəm, necə yanı heç zad öyrətməmişəm? Başlayıb ki, həyə yaxşı örgədirsən, bu iki aydı gəlib-gedir, niyə ərizə yazmağı bacarmır? Durursan qandırmağa başa düşmür. Deyəsən oğlunu götür get, işin keçmir. Qalırsan mat-məəttəl və həmişə də ataları görəndə başlayırlar məndən soruşmağa ki, uşqoldan qurtaranda uşaqlarımız nə olacaq? Deyirəm ki, nə olacaqlar? Fərasətləri olsa, adam olarlar. Deyir ki, Mirzə, sənin deməyindən bir adam deyillər? Ancaq biz deyirik ki, qulluqçu olsunlar. (Bir az yavaş səslə) Öz aramızdı çoxusuna deyirəm ki, qardaş oğlun silistçi olacaq. Sən öləsən dincəlmişəm. Heç dinmə, canım qurtardı. Aban bəy, sən Təbrizə getməmisən? Görəsən, qostinsa var ki, adam gedəndə özünə yer tapınca düşə? Aban bəy (kəlmə-kəlmə). At almamışdan axurun tikirsən? Həsənov. Əşi, iş tutub ey! Kefdi ey! (“Kefdi, kefdi, kefdi” sözlərini oxuya-oxuya deyir). Min səkkiz yüz manatdı ey!.. Kefdi, kef!... (Stolun üstə bir yumruq vurub börkünü başından götürür, atır küçəyə. Bu heyndə Həsənov Qulu bəy tələsik və kəhildəyə-kəhildəyə özünü salır içəri və üzünü tutur Mirzə Səfərə ). Qulu bəy. Hanı mənim teleqrafım? Həsənov Mirzə Səfər özünü itirir. Aban bəy hələ baxır, gah əvvəlinci Həsənovun, gah ikinci Həsənovun üzünə. Bir dəqiqə sükutdan sonra Aban bəy qəh-qəh çəkib gülür. Son 1921-ci il * * * Lal Teatr üçün bir pərdə Şəhərin küçəsində, divarın dibində, havanın soyuq vaxtı, günortaya bir az qalmış iki sahibsiz uşaq, biri səkkiz, biri altı yaşında, mündəris və çirkli paltarda. Hərəsinin əlində bir tikə qara çörək, gah “vay dədə!”– deyib ağlayırlar, kah çörəyi ağızlarına basıb, iştaha ilə yeyirlər. Yavuqdakı evlərin birindən musiqi səsi gəlir və uşaqların halına münasib bayatı havası çalınır. Bu heyndə yol ilə intelligent libasında bir müsəlman keçir və uşaqları görüb dayanır və sonra bunlara yavuq gəlib, ağlamaqlarının səbəbini soruşur. Uşaqlar bu şəxsi görcək ağlamaqdan sakit olurlar, amma onun sualına çavab verməyib, yenə başlayırlar ağlamağı və musiqi yenə bayatı havasını çalır. Məzkur şəxs də baxır və bilmir nə eləsin. Həmin vaxt bir mömün müsəlman taciri, əlində təsbeh, yavuq gəlir və bu da başlayır uşaqlardan ağlamaqlarının səbəbini soruşmağa. Uşaqlar bunu da görəndə ağlamırlar; amma bunun da sözlərinə cavab verməyib, – başlayırlar ağlamağı. Musiqi yenə bayatı havasını çalır. Mömün məəttəl qalıb bilmir nə eləsin. İndi də buraya bir musəlman çinovniki qoltuğunda portfel gəlir və bu da uşaqların ağlamaqlarının səbəbini soruşur. Uşaqlar buna da cavab vermirlər və yenə ağlaşırlar. Musiqi də bayatı havası ilə ağlayır. Axırda buraya bir lal kişi gəlir. Nə millət olduğu məlum deyil və uşaqlara yavuq gəlib əlləri ilə və özünə məxsus səs ilə bir şey soruşur. Uşaqlar, şəkk yox, dinmirlər və yenə ağlaşırlar. Habelə musiqi də öz bayatısını çalır. Günorta tamam olur. Şəhər saatı uzaqdan on iki dəfə zəng çalır və intelligent ilə çinovnik ciblərindən saatlarını çıxardıb baxırlar. Çün bunların vacib işləri yada düşür. Hərəsi ciblərindən bir pul çıxardıb, qoyurlar uşaqların böyüyünün ovcuna və gedirlər. Və həmin vaxt uzaqdan əzan səsi gəlir, musiqi minacat havasını çalır, mömün musəlman “lailahə-illəllah” – deyib uşaqlara pul verib gedir. Qalır uşaqların yanında tək bircə lal. Bu nə zəngi eşitdi, nə əzanı; ancaq məşğuldur uşaqlara. Uşaqlar yenə ağlamağa başlayanda lal gedir dizi üstə çökür uşaqların qabağında və iki əlləri ilə qucağını açıb, uşaqları qucağına almaq istəyir. Uşaqlar əvvəl laldan qorxan kimi olub geri çəkilirlər. Külək qalxır və soyuqdanmı, qorxudanmı, uşaqlar başlayırlar titrəməyə. Lal bunu görcək qalxır ayağa və bir qədər geri çəkilir. Uşaqlar sağa-sola baxıb, bir kəsi görmürlər, başlayırlar “dədə vay!” – deyib ağlamağa və yavaş-yavaş yavuqlaşırlar lala tərəf. Bu da dübarə gəlib çökür dizi üstə, əllərinin birinin üstünə uşaqların birini və o birinin üstünə digərini mindirib, durur ayağa və başlayır getməyə. Musiqi buna munasib hava çalır. Pərdə 30 avqust 1921, Bakı * * * Lənət Səhnəcik Kəndin kənarından bir adam çıxıb gəlir. Qoca kəndli Cəfəralı cüt əkir. Uzaqdakı adam yetişir və salam verir. Nabələd. Ay qardaş, bura müsəlman kəndidi? Cəfəralı. Hə-hə, görükür ki, nabələdsən. Nabələd. Mən Arazın o tayından gəlirəm. Cəfəralı. Xoş gəlmisən. (Əllərini bir-birinə vura-vura gəlir). Hara belə inşallah? Nabələd. Vallah, doğrusu, İranda güzaran çox pis keçir. İş yox, pul yox. Gəldim bu tərəfləri yoxlayım, görüm nə işlə məşğul olmaq olar ki, bir tikə çörək pulu ələ gəlsin. Cəfəralı. Xub, qardaş, bəs, sənin əlindən nə iş gəlir? Nabələd. Vallah, nə deyim. Cəfəralı. Cüt əkmək bilirsən? Nabələd. Vallah, nə deyim. Bu işə heç adət eləməmişəm. Cəfəralı. Bənnalıq, dülgərlik necə? Qapı-okoşka qayıra bilərsən? Nabələd. Vallah, adətim deyil. Cəfəralı. Kənkənlıqda necə, səriştən var? Nabələd. Doğrusu, başım çıxmaz. Cəfəralı. Yəqin ki, alış-veriş əhlisən, yəqin ki, sənətin dükançılıqdı. Nabələd. Yox-yox. Cəfəralı. Bəlkə mollasan, mərsiyəxansan. Nabələd (o üzə-bu üzə baxa-baxa). Ay qardaş, səni and verirəm o bir Allaha, bircə de görüm, sən bolşevik-zad deyilsən ki? Cəfəralı. Ay nabələd qardaş, mən də səni and verirəm Allaha ki, bir az bu sözləri yavaşca danış. Nabələd (o üzə-bu üzə baxır). Nə var ki, əzizim? Cəfəralı (yavaşca). Ay qardaş, bağışla adını da bilmirəm. And verirəm səni o Həzrət Abbasa, bilirəm, bu məhərrəmlik günləri İran tərəfindən bu tərəfə həmişə şəbehkərdan və molla, mərsiyəxan keçərdi. Amma bu il onlar bizim hökumətin qorxusundan bu tərəfə addım ata bilmirlər. Əgər, doğrudan da mərsiyəxan, yaxud şəbeh çıxardansan, bu işin üstünü açma, yoxsa kənddə bir para firidun cavanlar səni incidərlər. Nabələd (bir qədər fikirdən sonra). Yəni onlar nə deyirlər? Nə rəsul, nə heç bir nəfər-zad olmasın? Cəfəralı. Bəs, necə? Bəs, necə?.. (Yavaşca və qorxa-qorxa) Allah onlara lənət eyləsin. Nabələd. Lənətulla əla qövmüz-zalimin. Cəfəralı. Hələ o nədi ki, hələ deyirlər ki, nəuzü-billah… (O üzə-bu üzə baxır). Deyirlər ki, nəuzü-billah!.. Ay qardaş, sən Həzrət Abbas, sənin adın nədi? Nabələd. Molla Qüdrətəlidi. Cəfəralı. Molla Qüdrətəli, bu məlunlar hələ Allaha da əl atırlar, hələ imam, peyğəmbər nədi ki. Molla Qüdrətəli (təcili). Necə yəni Allaha? Allaha deyirlər ki, imam Cəfər ən-nisa surəsi… O sözü mənim dilim tutmaz… Axır yenə nə deyirlər ki? Cəfəralı. Mən, yox-yox. Onu soruşma, onu mənim dilim tutmaz. Deyirlər ki, Allah yox… Molla Qüdrətəli. Lənətulla əla qovmüz-zalimin. Cəfəralı. Amin! Son * * * Yığıncaq Kəndin ortasında keçmiş mülkədar Kalışbəyin boş samanlığına kənd camaatı cəm olubdur: kimi bağdaş qurma, kimi çömbəlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çovuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir. Kəndlilər yenə gəlməkdədirlər. Əhvalat Qarabağın aran tərəfində kəndlərin birində vaqe olur. Məclisi kənd şura sədri Həsənəli bu sözlərlə başlayır və təzə içəri girən Zeynala üzünü tutub bir növ acıqlı deyir: – Mən, flan-flan olmuş sənə dünən axşamdan dedim ki, camaatın hamısına xəbər verəsən ki, bu gün günorta çağı tək bir adam da evdə qalmasın, bura cəm olsun. Pəs hanı camaat? Zeynal. Yoldaş Həsənəli, Allaha and olsun, kənddə bir ev də qalmayıb ki, gedib xəbər verməmiş olam. Qardaş, gəlmirlər, vallah gəlmirlər, lap beləcə dirəniblər. Biri deyir, su nobatımdır, gələ bilmənəm, biri deyir, dəyirmana dən aparacağam. Daxı mən nə eləyim? Ay Həsənəli, mənimki deməkdi. İndiki zamanda deməkdən savayı nə eləmək olar?! Zornan xalqı çəkə-çəkə gətirə bilmənəm ki? Mənimki deməkdi. Həsənəli (acıqlı və ucadan). Necə yanı gətirə bilmənəm? Canını da alaram! Xalq öz başına deyil ki? Zeynal. Yanı sən deyirsən ki, mən kənd camaatına zor eləyim? Həsənəli (acıqlı). Zor da elərəm, canını da alaram! Kənd camaatı ki, hökümətin sözünə baxmadı, hökümətin qərarını pozmaq istədi, – o camaatın canını da alallar. Süleyman. Bir surətdə ki, camaat hökümətin çağırmasına gəlmədi, – adamın canını da alallar. Müəllim Mirzə Yəhya. Əlbəttə ki, qərardada tabe olmaq lazım gəlir. Həsənəli (üzünü camaata tutub). Buna bax sən Allah, bir yandan özək katibi yazır ki, günorta vaxtı camaat orada hazır olsun ki, iclas olacaq; bir yandan da hərə bir cavab versin ki, su nobatım belə gəldi, dəyirman nobatım belə getdi. Cəhənnəmə getdi, gora da üstəlik! Mustafa (Həsənəliyə). Həsənəli, doğrudan da görəsən bu gün mərkəzdən gələn kimdi? Yəqin təzə bir məsələdən ötrü bir iclas qurulur. Həsənəli (başını bulaya-bulaya öz-özünə gileylənir). Eh, nahaq yerə belə camaatın təklifini qəbul elədim və bu boyunduruğu boynuma götürdüm. Qardaş, səni ki, iclasa çağırırlar, əlbəttə ki, bir vacib məsələ var ki, mərkəzdən adam göndərirlər. Qardaş, axır gün günorta ki, olub, niyə vaxtlı-vaxtında cəm olmursunuz ki, adamın üzünə söz gəlməsin? Qurani-münzəl haqqı, bu camaatın hərəkəti məni xarab eləyibdir ki, huşum başımda deyil. Kəndlilərdən Mehbalı içəri girir. Həsənəli (Mehbalıya). Hey, Mehbalı ağa, Allaha şükür olsun ki, axırı sən də təşrif gətirdin. Qardaş, axır axşamdan sizə xəbər verilib ki, bu gün iclas çağırılır, mərkəzdən adam gələcək. Axır mən bilmirəm nə vaxt bizdə də bir qayda olacaqdır. Mehbalı (Həsənəliyə bir az qabarır). Axır nə olub ki? Qoymazsınız xarabamızda bir saat oturub yorğunluğumuzu alaq? Nə qiyamətdir axır? Siz çağırmısınız, mən də gəlmişəm. Dəxi qanmıram ki, nə istəyirsiniz? Həsənəli (qabarır). Ədə, balam, sizə daxı söz demək olmaz? Axır, a yoldaş, bir bax gör günün nə vaxtıdır? (Göyə baxır). İndi az qalır günorta olsun. Mehbalı. Cəhənnəmə olsun, gora olsun! Sən çağırmısan, mən də gəlmişəm. Daxı bilmirəm məndən nə istəyirsən. Kabla Salah (Həsənəliyə tərəf). A balam, siz olasınız Allah, söz-hekayəti qurtarın getsin. Mən bilmirəm, axır sözləşməyin nə mənası var? Daxı bəsdir, siz olasınız Allah, qoyun görək başımıza nə iş gəlir. Qoyun görək gələn kimdi, nədən ötrü gəlir? Əsil mətləbi qoymusunuz, ancaq bir-biriniznən deyişirsiniz. Kalışbəy içəri girir və dinməz-söyləməz gedir quru yerdə bağdaş qurma oturur. Təsbehini çıxarıb başlayır çevirməyə. Həsənəli (Kalışbəyə tərəf). Kalışbəy, bağışlaginən, sənin bu məclisə gəlməyə ixtiyarın yoxdu. Sənin səsin alınıbdı. Kalışbəy (iki əlli təsbeh çevirə-çevirə). Xub, burada indi seçki yox, səs vermək yox. Mənim səssizliyimin sizə burada nə zərəri ola bilər? Kabla Salah, Kabla Əliş, Əbdülkərim (birdən). A kişi, heç bir zərəri ola bilməz? Burada nə var ki? Əbuzər, Komsomol Murad, Süleyman, Cəmşid (birdən). A kişi, necə ola bilməz? Hazır ki, səsi alınıb. Səsi alınmışların bu məclisdə nə işi ola bilər? Kalışbəy durur ayağa və səs-küy yatır. Kalışbəy. Eybi yoxdur, gedərəm (istəyir getsin, sonra isə fikirləşir və Həsənəliyə tərəf qayıdır). Həsənəli yoldaş, samanlığın kirasından iki ayın haqqı qalır; yəni o qədər də pul deyil, ayı iki manatdan dörd manat eləyir, onu çıxart ver. İmran qoyun kəsib, uşaqlara ət alacağam. Bir qəpik pulum yoxdur. Həsənəli. Necə samanlığın kirası? Hansı samanlığın? Kalışbəy. Bax, həmin bu samanlığı deyirəm ki, siz bunu klub eləmişsiniz və burada iclas qurursunuz. Həsənəli. Mən kira-zad bilmənən. Mən heç kəsdən samanlıq kira eləməmişəm. Yar Məmməd (Həsənəli tərəfə). Hə, doğrudu, keçən ilin sözüdü. İmamverdi. Hələ bəlkə altdakı ilin söhbəti ola. Kabla Əliş. Onda Şura sədri Həsənəli deyildi. Həsənəli. Xeyr, mən deyildim. Əbuzər. A kişi, haranın sözünü danışırsınız, onda şura sədri sarvanlı İsa idi. Bir neçəsi. Hə, İsanın vaxtında idi. Bir iki kəndli. Hə, İsanın vaxtında idi. Kalışbəy. Xub, istər İsanın vaxtında olsun, istər Musanın vaxtında olsun. Mən samanlığımı hökümətə icarəyə vermişəm, hökümətdən də istəyirəm. Nə dəxli var ki? Bu nə sözdü? Bir iki kəndli girir içəri və hərə bir yanda gedib oturur. Kalışbəy (gedə-gedə). Xub, mən gedirəm. Amma bizim Şura hökümətimiz ədalətli hökümətdi. O razı olmaz ki, mənim var-yoxum, torpağım və kəhrizim alınıb kəndlilərə veriləndən sonra bir uçuq samanlığımdan da mənə çatası olan üç-dörd manat cib xərcliyimi şura sədri ləngə sala ki, nə var-nə var, mən köhnə mülkədaram. Xub, bunun mətləbə nə dəxli var? Xudahafiz (yox olur). Kəndlilərin bir parası gülüşür və Kalışbəy dala baxa-baxa çıxıb gedir. Kəndlilərin içində gülüşmə ucalır, fışqırıq çalınır və camaat gülüşür. Ayaqyalın Qurban adlı muzdur məclisə girib, adamlara təəccüblə və guya qorxa-qorxa baxır. Həsənəli (acıqlı, Qurbana tərəf). Qurban, and olsun Əbülfəz-Abbasa, sənin səsini alacağam! (Qurban fağır-fağır durub dinmir). Həsənəli (yenə acıqlı haman sözləri deyir). Sənin meyidini görüm ki, sənin səsini alacağam! Qurban (yavaşca, qorxa-qorxa). Nə səbəbə, a Həsənəli koxa? Həsənəli. Necə yanı nə səbəbə? Hələ burası qəribədir ki, hələ səbəbini də soruşur. Zeynal girir içəri. Qəribə burasıdır ki, hələ səbəbini də soruşur. (Qurbana tərəf). Necə yanı nə səbəbə? Pəs sən bilmirsən ki, bu gün burada iclas çağırılır. Cabbar (Həsənəliyə). Həsənəli yoldaş, sən ağzının danışığını bilmirsən. Onunçün də və nahaq yerə də çığırırsan. Çünki burada kar adam yoxdur. Həsənəli. Hələ mən danışıram, Qurban danışır. Pəs sənə kim söz verdi, sən Qurbana vəkillik eləməyi başladın? Cabbar. Necə kim söz verdi? Mən özüm söz verdim. Həsənəli (Cabbara). Sən çox danışsan, sənin də səsini alaram. Cabbar (bir az yuxarı qalxıb xoruzlanır). Necə ala bilərsən? Heç vaxt ala bilməzsən. Kabla Salah (danışanlara). Ay uşaq, sizi pərvərdigar, qalmağal salmayın. Kəndli Yarməmməd (Həsənəliyə). Həsənəli, ağlın nə kəsir, bu gün mərkəzdən gələn kim ola bilər? Cabbar. Yəqin ki, mirab olacaq, çünki Seyid Hüseyn dünən sudan yana şikayətə getmişdi. Kabla Əliş (Cabbara tərəf). Yox, Cabbar, mirab ola bilməz. Mirab bu gün sarvanlara gedəsi idi. Mən deyirəm belə naloqdan yana gəlirlər. Zülfüqar (Kabla Əlişə). Yox, Kabla Əliş, belə deyil, mənim dünən şəhərdə qulağıma çatdı ki, həmkarlar ittifaqı sədri bizim kəndə gələsi idi. Haqverdi (Həsənəliyə). Həsənəli, pəs sənə heç yazmayıblar ki, kəndə gələn kimdi və nə işdən ötrü gəlir? Həsənəli. Yox, gələnin nəçi olduğunu yazmayıblar. Ancaq özək katibi sifariş edib, bu gün günorta vaxtı iclas çağırım, çünki buraya gələn adamın məruzəsi olacaqdır. Əbuzər. Elədə ukom da gələcək. Cəmşid. Elədə ispolkom da gələcək. Qasım Hacılar oğlu. Elədə politbüro gələcək. Kabla Cahangir (guya bir şey tapıbdır). Həsənəli, Həsənəli, yox, yox, srağa gün bazarda zemkom mənə rast gəlib soruşdu ki, niyə qoyursunuz Həmzənin çəpərinin qabağını Rzaqulu əkin eləsin? Bəlkə bu gün gələn zemkom ola. İmamverdi. A kişi, mən qanmıram ki, axır niyə belə uzağa gedirsiniz? Yoxsa belə güman eləyirsiniz ki, Məmişi özlüyünə qoyacaqlar ki, vurub fağır Məmmədəlinin başını dağıdıbdır, biçarənin başı deyirlər simləyibdir. Siz öləsiniz ki, bu gün gələn silisçi olacaqdır. Komsomol Murad (içəri girə-girə). Deyəsən mərkəzdən gələnin sözünü danışırsınız? Mən eşitdiyimə [görə] bu adam maarif xadimləri ittifaqının sədri gərək ola. Biz onu iki gündür gözləyirik. Məşədi Salman (Həsənəliyə). Həsənəli yoldaş, nə ağlın kəsir, bəlkə hərbi stol müdiri ola? Əbdülkərim. Yox. Yox, o da deyil. Yəqin ki, yardım komitəsidir. Dünən Heybətqulu yardım komitəsinə şikayətə getmişdi. İmamverdi. İndi nə deyirsiniz deyin, amma çəgirtkə adamları da ola bilər ha! Qasım Hacılar oğlu. Amma ola bilər ki, milis naçarniki də olsun ha! Şahverdi. Amma ola bilər ki, toxucular ittifaqı adamlarından da olsun. Əbdülkərim (Həsənəliyə). Həsənəli, bəlkə Yermeşə ittifaqından gələn var? Qulaməli. Yox, yox. Hər nə deyirsiniz deyin, amma bu gələnlər muzdur komitəsindən gələn olacaq. Seyidbala. Qardaş, bir Allaha baxın, axır kağızı gətirin. Açıqca deyibdi ki, kağızı firqə özək katibi verdi, yanında da bir adam var idi, o da çox acıqlı adama oxşayırdı; özü də urusca danışırdı, amma musurman idi. Yəqin ki, o adam bu gün bura gəlir. Ya yollara baxan adamdı ki, körpülərə və arx-bərəyə nəzər yetirsin, ya da malları istraxavoy eləyən adamdı. Ancaq bunlar hansı birisi olsa, əvvəl-axır bizim üçün dərd-sərdi; çünki o ki, körpüləri deyirsən, qardaş, vallah… Çal Cəfər (Seyidbalanın sözünü kəsir). A kişi, mən qanmıram ki, yavığı qoyub uzağı axtarırsınız. Bu adam köybirliyi tərəfindən gəlir. Xəlil. Köybirliyi yox, sənətbirliyi. Əbuzər. Sənətbirliyi yox, ticarət birliyi. Kənd müəllimi. Xub, ticarət birliyi deyəndə lazımdır, müəyyən eləmək ki, aya ticarətin hansı şöbəsinin birliyini nəzərdə tutursan; pambıq birliyinimi, yun birliyinimi, ipək birliyinimi, yaxud… (hıqqıldayıb dayanır). Çal Cəfər. Yox, xeyr, bir dəri birliyini, bağırsaq birliyini, ciyər birliyini (adamlar gülüşür). Qapıya duranlardan səs gəlir: “çəkilin, çəkilin” Və iki nəfər atlı atdan yenirlər. İkisinin də qoltuğunda yekə portfel. Qabaqca gözü çeşməkli bir Cavan, başında şapqa, ayağında paxodnı, tapançalı qalife şalvar, təqribən iyirmi yaşında, qoltuğunda portfel; İkincisi iyirmi beş-otuz yaşında, şapqalı paxodnı çəkmə, yaraqlı. Bunlar daxil olur camaatın içinə və yuxarı başa keçirlər və yuxarı başda qoyulmuş miz üstə portfellərini qoyub, başlayırlar portfellərin içindən kağız-kuğuzlarını qurtdalamağa və oradan bir neçə kağız-kuğuzu mizin üstə qoyub, camaata tərəf nəzər edirlər. Bunlardan çeşməksiz yoldaş – ki, adı təbliğat şöbəsi müdiri imiş, – üzünü camaata tutub deyir. Təbliğat şöbəsi müdiri. Yoldaşlar, mən bu gün iclası açılmış elan edirəm və mətləbə keçməkdən qabaq bu bir neçə sözü də lazım bilirəm söyləyəm ki, bundan qabaqkı əsrlərdə insanlar heyvan kimi yaşayırdılar; necə ki, bir sürü heyvan düşərdi bir çobanın qabağına və o çoban da bu sürünü hara istərdi oraya da aparardı. Amma indi, necə ki, görürsünüz, dünyanın zəhmətkeşləri bir-biri ilə əl-ələ verib, daxı özlərini heyvan sürüsünə oxşatmaq istəmirlər və daxı padşahlara, bəy və xanlara boyun əymək istəmirlər. Ancaq şahlar, bəy və xanlar da qara camaatı istismar etmək üçün bunları qaranlıqda saxlamağa çalışırdılar. Haman bugünkü iclasımızın mövzusu haman bu məsələdir ki, mərkəzdən qəzamıza gələn təbliğatçı yoldaş burada bu saat məruzədə bulunacaqdır. Söz verilir həmin qəzadan gələn təbliğatçı yoldaşa. Qəzadan gələn təbliğatçı. Məruzədən qabaq mən onu istəyirəm sizə deyəm ki, siz avam kənd camaatı bircə dənə mətləbi gərək heç unutmayasınız ki, hər bir tərəqqinin banisi və hər bir məruzənin şərt və şəraiti və hər bir təbliğatın birinci məzmunu budur ki, mən onu burada sizə bəyan etmək istəyirəm ki, siz də onu nəzərdə saxlayasınız və illa əgər onu siz nəzərdə saxlamasanız və onu özünüz üçün dillərdə əzbər etməsəniz – nə kənd istehsalatımız tərəqqi edər və nə də beşillik planımız baş tutar və nə də qeyri bir məramımız baş tutar. Camaat. Əlbəttə, əlbəttə belədir. Qasım Hacılar oğlu. Ay yoldaş, buyurun görək indi təklifiniz nədir və bizə nə yol göstərmək istəyirsiniz. Qəzadan gələn təbliğatçı. Hər şeydən qabaq bunu gərək nəzərə alaq ki… (dayanır). Qasım. Bəli, nəzərə alaq ki… Kəndlilərdən bir neçəsi. Hə, nəyi nəzərə alaq? Qəzadan gələn təbliğatçı. Nəzərə alaq ki… Kəndlilərdən bir neçəsi. Hı, buyur görək. Camaat daxı da artmaqdadır. Adamlar diqqət ilə qulaq asır. Qəzadan gələn təbliğatçı. Ay yoldaşlar, bunu borcluyam sizə xəbər verəm ki... Camaat bir növ ölgün kimi olur və çox təəccüblü bir-birinin üzünə baxır. Çal Cəfər (təbliğatçıya). Ay yoldaş, camaat xahiş edir o sözü bir də deyəsiniz. Qəzadan gələn təbliğatçı. Mən deyirəm ki, Allah yoxdur. Kabla Əliş, Seyidbala, Kabla Pirverdi və bir neçəsi. Necə yanı Allah yoxdu?.. Qəzadan gələn təbliğatçı. Yoxdu da! Daxı necəsi yoxdu ki! Camaat yenə bir-birinin üzünə təəccüblü baxır. Seyidbala (təbliğatçıya). Xub, ay yoldaş, bu söz sizin doğru sözünüzdü, yoxsa zarafat eləyirsiniz? Qəzadan gələn təbliğatçı (təəccüblü). Daxı burada zarafat ola bilməz ki! Mənim siznən nə zarafatım ola bilər? Camaat yenə təəccüblü bir-birinin üzünə baxır. Kabla Əliş (təbliğatçıya). Xub, a yoldaş, bir zəhmət olmasa bizi başa sal görək necə yanı yoxdu; yəni lap dibindən yoxdu, yoxsa genə bir az-maz var? * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-pyesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.