Satirik şeirlər Cəlil Məmmədquluzadə (1869–1932) Lisan bəlası Ey dil, dəxi dinmə və sükut et, səni tari, Lal ol və danışma. Sal başını aşağə və heç baxma yuxarı, Mal ol və danışma. Gər qeyriləri cəmdəkinə vursala, dinmə, Gər başın əgib peysərinə dursala, dinmə, Pamal edə düşmən səni səbr et, bala, dinmə, Ya zülm edə, ya boynuna kəndir sala, dinmə Ya ruzunu cəbr ilə əlindən ala, dinmə, Sal başını aşağə və heç baxma yuxarı, Lal ol və danışma. Gər qüssələnib eyləyəsən naləvü zarı, Mal ol və danışma. Hər bir-iki gün dur ayağa, boşla dükanı. Get bir yavuq həmmamə, uzan, bağla hənanı, Yum gözlərini, dinmə və həm gözlə əzanı, Gər eyləmiş olsan gecə bir tövr xətanı, Get, gir suya, ta əxz edəsən rahəti-canı, Sal başını aşağə və heç baxma yuxarı, Lal ol və danışma. Ey dil, dəxi dinmə və sükut ol, səni tari, Mal ol və danışma. Qoy qonşuların alsın ələ cümlə silahı, Salsın səni dəvayə əgər xah nəxahı, Sən dinmə və tərpəşmə, qəbul etmə günahı, Lənət elə qəlbində, ürəkdən götür ahı, Bizlər nəçiyik, qoy özü hökm etsin ilahı. Sal başını aşağə və heç baxma yuxarı, Lal ol və danışma. Ey dil, dəxi dinmə və sükut et səni tarı, Mal ol və danışma. Gər cümlə təvayif sənə əfsus edə, etsin, Axırda hökumət özünü rus edə, etsin! Həm mollaların rus əlini bus edə, etsin, İslam cahanda dəxi məyus edə, etsin, Ya etməyə ya ar və namus edə, etsin, Şükür et, yegilən bozbaşını, eylə naharı, Lal ol və danışma. Sal başını aşağə və heç baxma yuxarı, Mal ol və danışma. “Molla Nəsrəddin”, 7 aprel 1906, №1 * * * Xoş ol zaman ki, xalq yatıb bizəban idi Xoş ol zaman ki, xalq yatıb bizəban idi, Bəzmim pilov, çay ilə rəşki-cinan idi, Sultan idim ki, vəzlə hökmüm rəvan idi, Millət qulam idi mənə, bəxtim cavan idi, Malü xəzinə mayili-arami-can idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Könlüm əvamdan açılırdı kərəm görüb, Cəhlin ziyadə əqlü huşini kəm görüb, Hər məclisə gedib özümü möhtərəm görüb, Bihəd kar, kur, keçəl dəmbədəm görüb, İsmim cahanda molla deyil, bəlkə xan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Mən səslənəndə, görəndə məni mal olurdular, Mən hirslənəndə dəfətən ishal olurdular, Mən hökm edəndə xak ilə pamal olurdular, Qeyzim tutanda əbləhə əmsal olurdular, Xalqın xudayə söylədiyi “əlaman” idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Mən hər dəqiqə şad, özümü xar görmədim, Rahət olub vücudumu bimar görmədim. İçdim, yedim, məşəqqətlə kar görmədim, Zülmi, cəfanı, həm təməi ar görmədim, Neylim dəxi ki, tariyə bunlar əyan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. “Molla Nəsrəddin”, 21 aprel 1906, №3 * * * Qız və nənə “Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə Qız nənəsinə deyir: Həmişə sən mürgülüyürsən, nənə, Yırğalayırsan başını, gəlsənə, Yuxlamayıb qulaq verəsən mənə, Söhbət edək sən mənə, həm mən sənə. Hansı səbəbdən üzünün dərisi Qırış-qırışdır çölü, içərisi? Mənim üzüm də saralırmı, nənə, Qırışarmı sənin kimi dərisi? Mən də sənintək olarammı nənə? Söylə görüm bu əhvalı bir mənə. Məgər mənim bu gördüyüm, halətim. Dəyişilib oxşayarammı sənə? Nənə öz tərəfindən “Molla Nəsrəddin”dən təvəqqə edir qıza cavab versin. * * * “Molla Nəsrəddin”in qıza cavabı Qızım, sən bilmirsən, dünyada nə var, Nəql eyləyim, əgər qulaq asarsan, Səntək qızlar hələ gəlin oynadar, Hələ sən lətifsən, almasan, narsan. Keçər günlər, çatar səkkizə yaşın, Çağırar hirsilə səni dadaşın, Turşudar üstünə gözlərin, qaşın Diqqətilə sən də ona baxarsan. Söyləyər dadaşın sənə bir kərə: – Mən səni, ey qızım, vermişəm ərə! Başını qorxudan əyibən yerə, Bir söz danışmayıb sən lal olarsan. Bir molla gətirər pulu və qəndi, Salar gərdəninə kəməndi, bəndi, Dəxi hara tərpəşəçəksən indi, Qızım gör bir nə günlərə qalarsan? Axırda zor ilə olar sənə ər Qırx yaşında dəvə kimi bir nəfər, Boynu yoğun, əqli nazik, özü xər, Onda sən başına nə daş salarsan? Bundan sonra dəxi günün qaradı, Qızım, bu bir sağalmayan yaradı, Ta indi gedəcək yerin haradı? Dəxi bundan sonra tez qocalarsan. Eşidərsən ərindən acı sözü, Ya azdı bozbaşın, ya çoxdu duzu, Tək oturub edər naharı özü, Sən dalanda yalqızca dolanarsan. Bir gün eşidərsən, bir arvad alıb, Səni gözdən dəxi bilmərrə salıb, Bir ayrı otaqda sən yetim qalıb, Tazə arvadına sən qurtdanarsan. Sonra gedib alar bir özgəsini, Salar üçüncüyə öz həvəsini, Arvadların kəsilməyən səsini Eşidib, od tutub sən odlanarsan. Bir gün onnan, bir gün bunnan vuruşar, Bu gün onnan, sabah sənnən duruşar, Bu cür, qızım, axır alnın qırışar, Söz yox ki, nənəni yada salarsan. “Molla Nəsrəddin”, 28 aprel 1906, №4 * * * Axunda müraciət Axunda, milləti etmə həvayi Bizə lazım deyil bangi-dərayi Bemanəd salha in nəzm tərtib Zi-ma hər zərrə xak üftad bəcayi. Amandır saz qılma kərənayi Keçib Şəhnazdən başla Qərayi Qərəz nəqşist kəzma baz manəd Ki həstira nəmibinəm bəqay. Biz olduq mollaların xaki-payi Fisincanı yeyib içsünlə çayi Məgər sahibdili – ruzi berəhmət Künəd dərhəqq dərvişan duayi. Çıxıb məclisdə tövzih etmə təqvim Bizə lazımdır indi dərsi-təlim Muradi-ma nəsihət bud, kərdim. Nəvalət baxuda kərdim, rəftim. * * * Lay-lay Lay-lay deyim, yat, ciyərim parəsi, Ağlama çox, ey gözümün qarəsi, Olma yemək, içməyin avarəsi, Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən, Rahət olub bir azca boy atgilən. Böyü bir az, yeddi yaşa yetgilən, Səhər tezdən dur küçəyə getgilən, Müəlləq aşmağa həvəs etgilən, Laylay, quzum, laylay, gözüm, yatgilən, Rahət olub bir azca boy atgilən. Qaç o yüzə-bu yüzə, qaç yel kimi, Bikar dolan küçələri vel kimi, Xəbər apar ona-buna tel kimi, Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən, Rahət olub bir azca boy atgilən. Kəndirbazdan etgilən kəsbi-ədəb, Bəxtini falçıdan etgilən tələb, Dərviş olsan, olar dəxi çox əcəb! Lay-lay, quzum, lay-lay, gözüm, yatgilən, Əfsunları müsəlmanə satgilən. Sonra çalış, səy ilə şöhrət qazan, Doldur qutulara çoxluca ilan, Müsəlman aləmin gəzgilən, dolan, Lay-lay, quzum, lay-lay gözüm, yatgilən, Rahət olub bir azca boy atgilən. “Molla Nəsrəddin”, 12 may 1906, №6 * * * Dedilər Gördülər yuxlamışam, şad olub oxqay dedilər Bir deyirdim ki, duram, yox hələ lay-lay dedilər. Gün çıxıb nisti-nəhar oldu, yoruldum yuxudan Qəflətən durdum oturdum, nədir ey vay dedilər. Nuri-çeşmim, niyə durdun belə şirin yuxudan Bizdən olsa, hələ tezdir, genə yuxlay dedilər. Gördülər yatmağa yoxdur dəxi meylim əbədən Bir-birilə danışıb cümləsi hay-hay dedilər. Tökdülər buyzə Ərəsdən gözü ac dəstələrin And içib tamını öldürməyə hurray dedilər. Molla, dərviş və əfsungər, falçı, vaiz Hər tərəfdən tökülüb üstümə vur hay dedilər. Gördülər olmadı yumruqlarının faidəsi Dəxi vermirlər bizə indi plov, çay dedilər. Ta ki Molla Nəsrəddini görüb annadılar Qalmayıbdır dəxi indi bizə bir pay dedilər. Binəva mollaya həm çoxluca lənət oxuyub Həmi məcmuəsinə şaltay-baltay dedilər. * * * O kimdir? O kimdir: Dəndəli dəndəlani – Küçələri dolani Axırda alim olar, amma bilməz Qurani? * * * Görəndə Söylə mənə, ey şapka, nədir səndə əlamət, Baş yendiririk doğrudu bir xanı görəndə, Amma nə səbəb oldu müsəlmanlara adət, Bizlər düşürük səcdəyə şapkanı görəndə? Xanın peşəsi kətdiyə hər vaxt çığırmaq, Ağavü bəyin xam əvam üstə bağırmaq, Hər güclü zəifin çalışır başına vurmaq, Lakin qul olurlar niyə şapkanı görəndə? Mollalarımız xalqa deyirlər ki, mənəm mən, Yoxdur bizə manənd ürəfadən, üqəladən, Amma ki, di gəl, özləri bir yerdə qəzadən, Təzim eləyirlər həyə şapkanı görəndə. İndi də ki, Bakıda müsəlman xozeyinlər, Börklü prikazşiklərə cürətlə dinənlər, Molla Nəsrəddin, görəsən ta neçə illər, Bizlər düşərik səcdəyə şapkanı görəndə? * * * Ey axund Ey axund, ey dirəxti-bihasil, Olma çox da təməllüqə mail, Lacərəm mərdi-arifü kamil Nə nəhəd bərhəyati-dünya dil. Ucadır, yoxdu söz ki, boyda çinar, Səndən islama heç görülmədi bar, Ey tühidəst, rəftə dərbazar Tərsəmət bərnəyavəri dəstar. Ey axund, olma dörd işə talib, Cəhlü pulü təməllüqü calib, Gər yeki zin çahar şüd qalib Cani-şirin bərayəd əz-qalib. Qoy riyanı yerə, gəl etgilən ar, Nə çıxar padşahdən sənə kar? Asiyan əz-günah tövbə künənd Arifan əz-ibadət istiğfar. * * * Utanma Ey ardən ari, bala, mərdanə utanma, Hər ləhzədə ol sakini-çayxanə utanma! Çıxma eşiyə, sel tuta gər dam ilə daşı, İç çayüvü, çək tiryaküvü, böyrüvü qaşı, Yanında oturmuşlar əgər olsalar naşı, Ver tüstüsünü onlara məstanə, utanma! Axşamatək ol guşəyi-həmmamidə sakin, Dırnaqlarıva bağla həna, saqqala… lakin İnsanı salar rövnəqə bu xeyrüləmakin Ondan sonra çıx, saqqala vur şanə, utanma! Sübh olacaq ayağə dur, otur issicə gündə, Paltarlaruvun bitlərini qır göz önündə, Ver özgəsinə olmasa gər fürsət özündə, Gey paltaruvu, seyr qıl hər yanə, utanma! Yüz zəhmət ilə qonşuların elmi tapanda, Sən alim olursan gedib asudə yatanda, Sən eyş qıl onlar toza-torpağa batanda, Get yarü rəfiqilə gülüstanə, utanma! Cümlə işi at bayıra, tap bir sulu qəlyan, Aksizni gər qoymasa ol azimi-İran, İranda olur tənbəkü tiryakilə ərzan, Ləng olma, götür rəxtivi İranə, utanma! Bir söz deməyə nökərivi dutgilə məzun, Bir sözlə cənabınızı edim dəhrdə məmnun, Dərviş Ağabalanı tapıb algilən əfsun, Ondan sonra hey vur sulu qəlyanə, utanma! Bir də edərəm mən sənə bir böylə vəsiyyət: İranidə cəhd et özüvə tapgilə xidmət. Fövt eyləmə bir fürsəti hər ləhzə qənimət, Ol sidqlə zəvvari-çilovxanə, utanma! Təng olsa əgər başüvə ol büqeyi-Təbriz, Çünki ora bir şəhrdi pürdərd, qəməngiz, Get Xoyda səfalar çəkib ol eşqilə ləbriz, Çıx qələ kənarında xiyabanə, utanma! Var yaxşı səyahətli çəmən qəleyi-Xoyda, Bir parə əcayib iş olur Xoyda hüveyda, Hər nə ürəyin istəsə dərhal olu peyda, Bir az qalıb ol adəmi-dərxanə utanma! Söz müxtəsər, ol bir neçə il sakini-İran, Al bir ləqəbi-faxirə, tut rütbeyi-əyan, Qardaş, olusan getməsən axırda pəşiman, Yox faidə axırkı pəşimanə, utanma! Bir qədri qalıb himmət ilə cəm elə dövlət, Ondan sonra qıl bir dəfə kaşanə səyahət. Xab içrə gözün görməsə eyləllə təbabət, Bənd olma bu övzai-pərişanə, utanma! Ver huşüvi “Molla Nəsrəddin”ə, amandır, Bu fürsəti fövt eyləmək, əlbəttə, yamandır, Hər kəs bu nəsihətləri dərk eylədi, xandır. Bir şəhrdə bax min iki yüz xanə, utanma! “Molla Nəsrəddin”, 7 iyul 1906, №14 * * * Nə bilim Fələyin bir belə cövrü olacaqmış nə bilim, Dirilib xəstə yatanlar duracaqmış nə bilim? Boşa getdi iki yüz il sizə lay-lay dediyim Daima məhfəzeyi-cəhldə hifz eylədiyim Mən deyirdim sizi bilmərrə dirildənməz həkim Uzanıb dəsti-qəza qaldıracaqmış nə bilim? Ey xoş ol gün ki, deyirdiz mənə dindikcə, bəli Oxuyardım sizə hər ləhzə bu dadlı qəzəli Nə ola, dəyməyə bu süfrəyə əğyarın əli, Vəli “Molla Nəsrəddin” çıxacaqmış nə bilim? Çox yaman oldu bu cür dərdi fəramuş eyləmək, Mümkün olmaz dəxi bu məşəli xamuş eyləmək Tazədən xalqı yatırdıb işi sərpuş eyləmək Bizi bir loğmaya həsrət qoyacaqmış nə bilim. Ey xoş ol gün ki, gəlirdi sizə xoş lay-layımız Ki, o lay-layla gəlirdi evə qəndü-çayımız Hər nə pişsəydi ocaqlarda, olurdu payımız Pay yerinə bizə həsrət qalacaqmış, nə bilim? * * * Lazımdır utanmaq Sən adət edibsən gecə-gündüz ha qaşınmaq, Lazımdı baxanda sənə odlarına yanmaq, Mən aşiqəm, ey gül, sənə, olmaz bunu danmaq, Axır günətək eyləmənəm səndən usanmaq, Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq? Lazımdır utanmaq. Hər kəs ki, o çirkli üzünü görsə mırıldar, Sürmə çəkilən mal gözünü görsə xoruldar, Həm yoldaşını, həm özünü görsə qırıldar, Tuti quşu nisbət sözünü görsə hırıldar, Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq? Lazımdır utanmaq. Talib deyiləm baxmağa ey gözləri həqqa, İnsanı görüb qaçma bəhayim kimi bica, Bir üzdə ki, bir qətrə də ruh olmadı əsla Etməz ona zövq əhlisə bilmərrə tamaşa Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq? Lazımdır utanmaq. Kər bilməyəsən sərf və nəhvi və nisabi, Billəm ki, sözündür bəli məqbul hesabi, Yoxsa toxumaq bilməyəsən bircə corabi, Gər tarı üçün mollaya vermə çox əzabi, Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq Lazımdır utanmaq. * * * Ey könül Ta keçəl-küçəllər oldu imdi yarın, ey könül! Qarə oldu yar əlində ruzigarın, ey könül! Yüz cəfa gördün, vəli hərgiz kifayət etmədin, Hər sifatından xəcilsən nazlı yarın, ey könül! Nə ümidilə yenə millət sənə vermiş fərib, Kim fərəhnak olmusan, yoxdur qərarın, ey könül! Küçələrdə görmisən yoxsa ki, veyl lüt, bambılı, Toxtamır hər gün yenə bir ahü-zarın, ey könül! Aldı əqlü huşunu bitlər və çirki millətin, Getdi əldən yox yerə məcmui-varın, ey könül! Qırmızısaqqala qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim ixtiyarın, ey könül! Söylədim, quli-biyabanidən əl çək, çəkmədin, Axırı məcmuəbazlıq oldu karın, ey könül! “Molla Nəsrəddin”, 15 sentyabr 1906, №24 * * * Yoldan keçər ikən Yoldan keçər ikən nəzərim bağə sataşdı, Guya ki, mənim qəlbimə bir nöqtə dolaşdı. Gördüm yığılıb dövrədə bir çoxlu cəmiyyət, Cəmiyyəti gördükdə gözüm eylə qamaşdı, Ol dəmdə girib bağə görüm vardı nə hikmət. Yanımdan hamı əcnəbi millət aralaşdı, Baxdı mənə bir no ilə birdən o cəmiyyət. Heyrətdə ürək aləmi bunlar genə çaşdı, Qışqırdı o dəm bir dənə gürcü dedi “modya”, Persiski teatro, hamı birdən komalaşdı. * * * Ey yazıq Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq, Qarə oldu yar əlindən ruzigarın, ey yazıq! Yüz cəfa gördün, vəli heç bir şikayət etmədin, Görmədin yarın vəli namusü arın, ey yazıq. Nə ümid ilə genə molla sənə vermiş fərib, Kim fərəhnak olmusan, yoxdur qərarın, ey yazıq. Güzgüdə görsən əgər quli-biyaban halını, Ta kəsilməz bir nəfəs də ahü zarın, ey yazıq! Aldı əqli huşunu alimnümalar sözləri. Getdi əldən yox yerə məcmui-varın, ey yazıq! Lotular vəzinə qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim, ixtiyarın ey yazıq! Yol kəsəndən çəkməsən əl pəndimi guş etməsən, Saxla yadında olar nalə mədarın, ey yazıq! * * * Nədir Ahü fəryad eyləyirsən, söylə, fərmanın nədir? Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir? Ruznamə nə, məktəb nə, elm nə, övraq nə? Bir dəqiqə yox qərarın, suzü giryanın nədir? Yirmi keçdi və lakin, sən vətəndən keçmədin, Aləmi rüsvay edirsən, söylə vicdanın nədir? Xanəni viran edər təhsili-məktəbxanadan, Anladım, məktəb nə şeydir, elm ürfanın nədir. Etiqadın yox Zunozlar, ya da Şirvan pirinə, Belə olsa, qanmıram, ta dinü imanın nədir? Binəva sənsən ki, aldandın camaat qeydinə, Axırı bir gör nə oldun, malü samanın nədir? Tulladın dünyadə hər bir ləzzəti, nemətləri, Axirətdə, kim bilir, huri və qilmanın nədir? Baxma millət xəstədir, cindarə ümmid et, dadaş, Bundan özgə ta sözün nə, özgə dərmanın nədir? Sən deyirsən, qoymaram millət təmamən məhv ola, Vallah, heç bir kəs də bilməz, böylə ehsanın nədir? Saxla yadında, səna lazımdı beş min müştəri, Saxla yadında görək, hacı, bəyü, xanın nədir? “Molla Nəsrəddin”, 1 dekabr 1906, №35 * * * Nəzm Eylədilər məsləhət bir neçə ağa, rəis, Ta açalar mədrəsə, məsləhəti-amra. Bir yerə toplaşdılar, başladılar söhbəti, Bildilə, vacibdi bu indiki əyyamra. Saldıla yadə sora bir Təqiyev Hacını, Olsa əgər zikri-xeyr, dində konəd namra. Pulları axır alıb açdıla bir mədrəsə, Etdilə təhsili-elm, sübh və həm şamra. Gər belə getsə bir az aləmi-islamdə Bir də tapılmaz dəxi bircə nəfər xamra. Vəsfi-tura gər konəd, vər nəkonəd Lağlağı, Hacəti-məşşatə nist ruyi-dilaramra. “Molla Nəsrəddin”, 1 dekabr 1906, №35 * * * Ağarıbdır Divanə könül, daxı usan, yal ağarıbdır, Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır, Başdan bu həvavü həvəsi sal ağarıbdır, Əvvəl nə isə indi ki, əlhal ağarıbdır, Layiqdi ki, bundan sonra saqqal ağarıbdır. Məhvəşlərə xoşdur nə ki, oğlan danışsa, Yüz fəhş deyib hərzəvü-hədyan danışsa, Ağsaqqal əgər ayeyi-Quran danışsa, Başdan-ayağa hikməti-Loğman danışsa, Axırda deyər söyləmə, naqqal, ağarıbdır. Yalın ki ağardı, sənə müştaqi-zən olmaz, Rəftarına ya söhbətinə heç dözən olmaz, Başdan-ayağa yaşilü alə bəzən, olmaz! Bostanda çürür, rəğbət edib bir üzən olmaz, Hər meyvə ki, tağı ölüdür, kal ağarıbdır! Keçdi o ki, zövq eylər idin gah səfərdə, Evdə oturanda meyü məhbub nəzərdə, İndi dəxi yox tabü-təvan canü-cigərdə Gəh yanını ver balişə, gəh çıx günə ver də, Çək kürkün əhvəcin başına donbal ağarıbdır. * * * Zaman ol zaman idi Xoş ol zaman ki, rus mənə həmzəban idi, İngilis elçisi ilə, Mirzə xan ilə və rus elçisilə karim həman idi. Bir şəxs idim ki, hər yanə hökmüm rəvan idi, Bəzmim süruri-şerilə rəşki-cinan idi, Dəmlər o dəmlər idi, zaman o zaman idi. Bir kar idi, nə ərz eyləyim, kimya imiş, Rüşvət yemək şikəstə dilə mumiya imiş, Ha deyərdilər İran nizam qəbul eyləməz, qəbul eyləməz boş nəva imiş. Hər bir qələt eyləmişəm boş hava idi, Dəmlər o dəmlər idi, zaman o zaman idi. Bir yanda elçilər, biri təqdim edir üqab Biri tələsir, biri özünü soxur qabağə, birisi yalvarır, ya biri edir şitab. Bəzi imam Məsqəti istəyir, biri şorab, Firuzə dağı ax nə gözəl pullu kan idi, Dəmlər o dəmlər idi, zaman o zaman idi. Övqafi-padşahi Xorasan bəs olmadı, Ol qədr səs içində necə bir səs olmadı, Ərdəbil hakimi Saidülmülk ki, Gilan hakimi Sərdar mənsur kimi heç kəs olmadı. Bikəslərin mürur ilə əşki rəvan idi, Dəmlər o dəmlər idi, zaman o zaman idi. Hər bir kəsə nə hökm eylədisə, dedi: bəli! Satdım əgərçi məmləkəti, milləti, vəli. Mən nə bildim ki, axırda yaxamdan yapışacaq bir nəfər Dəli. Ey, ah, ol zaman şüəra şerxan idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. Bir daş daş üstə qoymamışam ol diyardə, Nə bir rəməq vücud səğarü kübardə, Əsğər ki, məskən etmiş idi cəhənnəmdə, gorda, nə bilim, kuyi-yardə. Vallah, nə sədr… vasitəyi-inü an idi, Dəmlər o dəmlər idi, zaman ol zaman idi. “Molla Nəsrəddin”, 22 dekabr 1906, №38 * * * Gərək Get dolangınan, xamsən hənuz, Konsul olmağa çox hünər gərək. Sən görən deyil Ənzəli, Zünuz, Böylə işlərə baxəbər gərək. Keçdi ol zaman, padşahdınız, Padşah nədir, qibləgahdınız, Həmşərilərə bir Allahdınız, İmdi bəsdi ta, ta yetər gərək. Bax rəiyyətə, bax gədalarə, Yer-göy ağlıyır hər nidalərə, Güş qılginan bir sədalərə Hər yetimə sən ol pədər, gərək. Baxma əsğərə, hər rizayə sən, Baxma fitnəyə, hər bəlayə sən Sən rəiyyətə bircə sayəsən, Söyləmə: mənə simü-zər gərək. Qoyma ağlasın həmvətənlərin, Gözlə onların xeyrin, həm şərin, Söyləsin mənə millət: – Afərin! Etgilən bina bir əsər, gərək. Get dolanginan, xamsən hələ, Konsul olmağa çox səfər gərək. Çox da yatmağı etmə məşğələ, Niyyətin olar çun hədər, gərək. “Molla Nəsrəddin”, 29 dekabr 1906, №39 * * * Nağıl Bir gün var idi, bir gün yox idi, Allahdan başqa heç kəs yox idi. Amma bircə var idi şəhri-Batum, Qoy nağıl edim bunu axıra çatum. Var idi bu şəhrdə çox iranlı, Amma ciblərində çox idi pulu. Bir gün bunlar yığışdılar bir yerə – Ki, açsınlar əncüməni-xeyriyyə. And içdilər etməsinlər xəyanət, Bir adama tapşırdılar pulları əmanət. Bir gün keçdi, iki gün keçdi gəldi bahar, Amma pullardan olmadı bir xəbər. Nə qədər rəml atdılar, yazdılar dua, Nə qədər gəzib dolandılar, baxdılar kitaba, Amma bilmədilər pullar necə oldu. Bilmədilər pullar öldü, ya qaldı. Bu işləri bilər ancaq bir Allah, Yoxsa bəndə bu işlərə ola bilməz agah. Eybi yoxdu bunlar hamısı keçər. Çünki dünyada hər nə olsa keçib gedər. Hər şey gedər, bircə konsuldan başqa, Gündə polisə ilə oynar çaşka-lojka. Bunu yazdı şair hər kəs oxusun, Hər kəsdə hünər olsa bir belə qafiyə toxusun. “Molla Nəsrəddin”, 10 mart 1907, №10 * * * Ay gülüm, nanay Bakıda çox gözüqannı A gülüm, nanay nay nanay. Çoxdu həm abrozovannı A gülüm, nanay nay nananay. Bir abrozovannı bir gün Lat-lüt qaldı bütün Lotuluğa vurdu özün A gülüm, nanay nay nananay. “Həmiyyət” dəstəsin tapdı Hamıynan qardaşlıq yapdı Amma pulun görcək qapdı A gülüm, nanay nay nananay. Sonra girdi “Təkamül”ə Biçarəni tutdu dilə Qırx beş manat gedir hələ A gülüm, nanay nay nananay. Ağaverdi, sən kişmiş sat Nisyə ver on beş manat Dəxi pullar gəlməz “nazat” A balam, nanay nay nananay. Kazımova nobat yetdi Doqquz manat hara getdi? “Palermo”da kutyoj etdi A gülüm, nanay nay nananay. Bakıda çoxdu restoran “Batumski”, “Parij”, “İran” Hər zad tapar axtaran A gülüm, nanay nay nananay. Bakıda çox gözüqannı, A gülüm nanay nay nananay. Çoxdu həm abrozovannı A gülüm, nanay nay nanay. Can gülüm, nanay nay nananay. “Molla Nəsrəddin”, 17 mart 1907, №11 * * * Biz Övradımız, əzkarımız əfsaneyi-zəndir, Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir Çün hübbi-nisa lazimeyi-hübbi-vətəndir Əhli-vətəniz, hübbi-vətən yad eliriz biz, Dindarlarız, gündə bir arvad alırız biz. Yox fərqi bizim hündür ilə alçağımızda, Daim görürüz iş bu qocalmış çağımızda, Cüt-cüt durur övrət solumuzda, sağımızda Şəhvət quluyuz, nəfsdən imdad alırız biz, Dindarlarız, gündə bir arvad alırız biz. Hər şam gərək üqdeyi-əfkar açılsın, Fəvvareyi-iqbaldan amal saçılsın. Hər sübh namaz etmədə həmmamə qaçılsın, Təthir edərək dillərə övrad alırız biz, Dindarlarız, gündə bir arvad alırız biz. Bu məşğələlər şiveyi-əşyaxi zamandır, Ata-babamızdan bizə miras hamandır, Zən eyləmə süstüz, qanımız od kimi qandır, Bu yolda töküb qanımızı, ad alırız biz, Dindarlarız, gündə bir arvad alırız biz. Sair miləl övrətlə ədalət edir etsin, Övrət ərə, ər övrətə rəfət edir etsin, Hər kim ki bir övrətlə qənaət edir etsin, Üç-dördün ötüb siğədə tedad alırız biz, Dindarlarız, gündə bir arvad alırız biz. Tedadi-nisa bir hünəri-sariyəmizdir, Tez başlayırız çün bu libas ariyəmizdir , Övrət nə demək? Xadiməmiz, cariyəmizdir, Hərçənd alan vəqtdə azad alırız biz, Dindarlarız gündə bir arvad alırız biz. “Molla Nəsrəddin”, 5 aprel 1907, №18 * * * Qafqaz xəbərləri Nəzm ilə Şairlərimiz şəhərlərdən belə xəbər verirlər: Gəncə: Çıxar üç yüz nəfər fəhlə Çəyirtgə qırmağa getsin Xudaya, qoyma İsmayıl Bu hammallara zülm etsin. Şuşa: Səndə əgər var mərəz Gəl sözümə bavər et Durma Çuxur məhlədə “Sirkə” ocağına get. Xivə: Küçədə bir iti görür tələbə Tollayır daşları itə sarı Əsbi-lağər miyan be kar ayəd Ruzi-meydan nə gav pərvari. Cəbrayıl: Can pristav, qurban sənə Kramov Neçün səni bu günlərə saldılar? Allahverdi, Səlimbəy, həm yüzbaşı Qorxma, sənə arxadılar, daldılar. Zaqatala: Bizi bir dəm əgər görsə Yəqin divanələr ağlar Əgər görsə zaqatallı Qiraətxanələr ağlar. Bakı: Mən realnıya getsəm uşkola Heç də qorxmayam bircə yol gərək Görsə uçitelim beş qoyar mənə Cibdə gəzdirim bir revol gərək. Naxçıvan: Dur ayağa qız, gəlin Tellərini düzgilən Toyçulara gəl yaxın Düş oyuna süzgilən. “Molla Nəsrəddin”, 19 may 1907, №20 * * * Sən qanmasan Sən qanmasan, eybi yoxdur, utanma, Çünki mən qanıram, mən utanıram. Mala mal deyiblər, insana insan, Mən insanı hərgiz insan sanıram. Sən sanmırsan, eybi yoxdur, utanma Çünki mən sanıram, mən də yanıram. Sən demə belədir, budur həqiqət, Güman etmə sənə mən aldanıram. Çünki mən qanıram – yanıram od tək Çünki mən yanıram – mən də qanıram. “Molla Nəsrəddin”, 25 noyabr 1907, №44 * * * Yorğan Çün yoxdu pulun ətləsə, dibayə, qumaşə, Çün çatmır əlin küftəyə, bozbaşa və aşə, Çün iş gecə-gündüz dayanıb, bircə ləvaşə, Yat, düşmə dəxi zərrə qədər rəncə, təlaşə, Tərpənmə əbəs, çək, bala, yorğanuvu başə. Sən erməni tək dövləti-nəhsə həvəs etmə, Sən gürcü kimi məktəbə, dərsə həvəs etmə, Sən rus kimi Hindü Sərəxsə həvəs etmə, Kafirləri qoy cifeyi-dünyayə bulaşə, Tərpənmə aman, çəkgilə yorğanuvu başə. Namusu yeyib ari dala atmaq olarmış, Karvansaranı, ev-eşiyi satmaq olarmış, Dörd övrətilən bir komada yatmaq olarmış, Bir də nə lüzumun dəmirə taxtəyə, daşə. Bərk yat, mən ölüm, çəkgilə yorğanuvu başə. Sərhəddi-vətən zülm oduna yanı, cəhənnəm, Kürdə, kazağa, saldata talanı, cəhənnəm, Övrət-uşağın isməti, həm qanı, cəhənnəm, Yat, baxma o gözlərdən axan sel kimi yaşə, Tərpənmə axund çəkgilə yorğanuvu başə. Vəhşi nə bilir kim, nə zaman eyş haçaqdır, Ya gül necədir, nəğmeyi-bülbül nə sayaqdır, Bu rütbə həqiqətdə ədalətdən uzaqdır Qismət hər sağsağana qarğa – dolaşə, Yat-yat, əmican, çəkgilə yorğanuvu başə. Bax millətə, al qanə boyandıqca kefin çək, Millətçilərin sinəsi yatdıqca kefin çək, Yazdıqlarımın künhünü qandıqca kefin çək, Qoy Heydər ilə Neməti hər gündə savaşə, Gizlin bax özün, çək genə yorğanuvu başə. “Molla Nəsrəddin”, 23 iyun 1908, №25. * * * Mürəbbe Anın üçün uymaz qeyriyə könlüm, Bir əcəb molladır mənim sevdiyim, Molla nədir, seyid nədir, mələkdir, Hamıdan əladır mənim sevdiyim. Saqqalı sünbüldür, yanağı lalə, Özü də bənzəyir vəhşi çaqqalə, Qulaqları uzun, gözü piyalə, Millətə bəladır mənim sevdiyim. “Molla Nəsrəddin”, 1 may 1910, №16 * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-satirik-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.