Xatirələr Cəlil Məmmədquluzadə (1869–1932) Xatiratım Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahü əkbər! Allahü əkbər!”. Həmin səda qonşuluqda müəzzinin azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədüən lailahə illəllah”. Və bundan sonra dəxi böyüdükcə hər gün və hər saat sağ və soldan eşitdiklərim sözlərin içində labüd gərək “Allahü əkbər” olaydı. Hər sübh vaxtı məni şirin yuxudan oyadan atamın “Allahü əkbər” səsi olardı. Burada başa düşərdim ki, atam namaz qılır. Haman sözləri anamdan da eşidərdim. O da habelə namaz qılardı. Və bunlar hər ikisi namaz vaxtı da namazın qeyri ibarələrinin içində namazı qılıb qurtarınca, bir neçə dəfə ucadan və naqafil “Allahü əkbər” çağırardılar. Bu da həmin vaxt ittifaq düşərdi ki, evdə bir kəs olmaya və pişik gəlib başlaya südü yalamağa, ya əmcək uşağı iməkləyə-iməkləyə oda yavıq gedə. Demək, çünki namaz üstə danışmaq namazı batil eləyənlərdəndir, onunçün Allahı çağırmaqdan başqa nə pişiyə nə də uşağa bir söz demək olardı. Atamın anama acığı tutanda “Allahü əkbər” deyərdi. Anamın da bizə acığı tutanda həmçinin “Allahü əkbər” çağırardı. Elə yadıma gəlir ki, o zaman ağızlarda danışılan kəlmələrin üçü adi danışıq olsaydı, bir kəlmə “Allah” ləfzi idi. – Sən allah ata, mənə bu gün üzüm al gətir. – Oğlum, vallah, bazara dəxi üzüm gəlmir. – Sən allah al. – Mən allah gəlmir. – Ay bacı, Allah atana rəhmət eləsin, o uşağı küçədən çağır gəlsin. Bundan anlaşılan budur ki, xah mənim valideynim, xah qeyri vətəndaşlarım hər bir saat, hər dəqiqə və hər saniyə Allahın adını zikr eləməkdə idi. Allahı hər dəqiqə çağırmaqda idilər, ona yavıq olmaqda idilər. Və bu Allah məhəbbəti, yaxud allah qorxusu ondan ötrü idi ki, xah mənim valideynim, xah sair vətəndaşlarım o zaman bu əqidədə idilər ki, Allahın bir cənnəti var, bir cəhənnəmi və hər bəndəsini allah-taala istəsə cəhənnəmə də vasil elər, istəsə behiştə də daxil elər. O baxır sənin əməlinə. Əməli-salehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaqdır. Və sonra yaxşı yadımdadır ki, qonşu mollamız molla Əli ki, mənə və qardaşlarıma sonralar dərs də deyərdi, hər gün bu barədə ərəb ibarəsilə belə zikr elərdi. “Fəmən yəmələ misqalə zərrətün”. Uşaqlıqda bu ibarə molla gedəndən sonra o saat yadımdan çıxardı. Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə quran ayəsidir. “Fəmən yəmələ misqalə zərrətün xeyrən yərəhu vəmin yəməl...” və ilaxır. Və məlum şeydir ki, o vaxt Molla əlilər atamı və anamı öz moizəsində inandırmışdı ki, əməli-xeyir ibarətdir sövmü səlatdan və əməli-şər ibarətdir orucu yeməkdən və bığlarının ucunu uzatmaqdan və müsəlman olmayan insanın yağını yeməkdən və ilaxır. Əlbəttə, oğurluq və adam öldürməyi də Molla əlilər qəbih əməl qəbiləsinə yazırdılar. Ancaq dünya məişətinə dair olan oğurluq və adam öldürmək söhbətləri molla moizəsində ya heç zikr olunmazdı, ya da müxtəsər keçərdi. Pəs hər kəs ki, bu dünyada xeyir əməl sahibi oldu, axirətdə də onun əvəzini görəcək, həmin xeyir əməlin mükafatını öləndən sonra alacaqdır. Nədir o mükafat? Nədən ibarət olacaqdır? Və Molla əlilər atamı, anamı və qonşularımızı inandırmışdılar ki, xeyir əməl sahibləri öləndən sonra puli-siratdan keçib daxil olacaqlar cənnətə. O cənnətə ki, orada Molla Əlinin rəvayətində “tücri min təhtihəl ənhar”: oranın bağlarının altından nəhrlər cari olacaq. Və orada ləziz meyvələr bitir və orada cənnət əhalisi üçün pakizə övrətlər mühəyyadır. Və Molla Əli bunu quran ibarəsi ilə belə rəvayət edərdi: “vələhüm fiha əzvaci mütəhhirətin”; və hamısından əfzəl bu idi ki, belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik baqi-əbədi olacaqdır (“vəhüm fiha xalidun”), həmişəlik olacaq; nə azar tapacaqlar, nə mövt onları dərk edəcək. Pəs bu dəsgahın sahibi kimdir? Kimdir cənnəti yaradan? Kimdir cəhənnəmi yaradan? Haman bari-pərvərdigardır. Haman böyük Allahdır ki, ərəblər ona deyirlər: “Allahü əkbər”. Və bu haman ibarədir ki, hər cür ibadətimiz və riyazətimiz haman ibarə ilə başlanır. “Allahü əkbər”. Pəs xudavəndi-aləmə yavıq olmaq üçün ibadət lazım, elə bir ibadət lazım ki, Allah bəndəsinin bütün övqatını məşğul etsin, onu bir an da Allahı yad etməkdən qafil qoymasın. Və bu məqsədə yetirən ibadətlərin ən birincisi, ən müsaidi namazdır. Namaz O qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı, cəmi vətəndaşlarımı haman vaxt namaz üstə görmüşəm. “Allahü əkbər”. Hər dəfə dayımgilə gedəndə, o rəhmətliyi namaz qılan görmüşəm. Atam həmişə namaz üstə olardı. Anam hər gün neçə dəfə namaz qılardı (yomiyyə namazı). Qonşuluqda sağ tərəfdən Məşədi Məhəmmədgildə və sol tərəfdən, dəmirçilər tərəfdən həmə vəqt “Allahü əkbər” sədası qulağıma çatardı. Məscid həyəti gecə və gündüz namaz qılan ilə dolu olardı. Və xülaseyi-kəlam, hər gün sübh vaxtı, zöhr vaxtı və şam vaxtı müəzzin Molla Kərimin “Allahü əkbər” nidası asimana bülənd olardı. Haman saat cəmi mömünlər əl aftabaya yetirib başlardılar dəstəmazı: “qül hüvəllahü-əhəd, allahüs-səməd...” və dəstəmaz alıb şüru edərdilər namaza. Sübh vaxtı sübh namazına, zöhr vaxtı zöhr namazına, şam vaxtı şam namazına və xiftən namazına. Və lakin möhtərəm qare elə güman etməsin bu on yeddi rükət pənckaneyi-yomiyyə namazını əda etmək üçün o qədər vaxt da sərf olunmaya gərək. Bu barədə üzr istəyib ərz edirəm ki, o baxar namaz qılanın həvəsinə və şövqünə. Mümkündür vaxta qənaət etmək və müxtəsərcə həmd-surəni qiraət edib şüru etmək rüku və süçuda və təşəhhüd və səlam. Allahın da borcunu verdin getdi, dəxi sənin başının üstə durub demir ki, yox, qələt eləmə və tələsmə. Amma rəvayət etdiyim “qaranlıq” əsrin namaz qılanlarını bəndə indi yadıma salanda bunu təsdiq edirəm ki, indi səliqələr büsbütün dəyişilib və bunu mən indi şəhadət edirəm ki, o zamanın dindar əhli-imanlarının və o cümlədən mənim dayımın, qonşuluqda dindar və əhli-iman Molla əlilərin, Məşədi Məmmədəlinin və cəmi fazillərin və pak-damən hacıların vaxtlarının çox hissəsi namaz qılmağa sərf olunardı. Və çün mən uşaq idim və qeyri ailələrə o qədər tərəddüdüm yox idi, onunçün də dayımın namaza vaxt sərf etməyi o vaxtın qeyri mömünlərinin ibadət və riyazətinin bir nümunəsi gərək ola. Sübh azanından dayımın dəstəmaza hazırlıq dua və sənası başlanardı; “Allahü əkbər, Allahü əkbər, bismillahir-rəhmanir-rəhim. Qül hüvəllahü əhəd, Allahüs-səməd... Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd, bismillahir-rəhmanir-rəhim, la hövlə vəla qüvvətə illa-billahü əliyyül əzim. Allahü əkbər”. Mən o vədələr uşaq idim və yuxum da bu səbəbdən gərək bərk və şirin olaydı və elə indi də. Ancaq o həyəcanla ki dayım namaz qılmağa məşğul olardı, dəxi mümkün deyildi yatmaq və oyanmamaq. Əvvəla, namazını xeyli ucadan qılardı və ikinci elə bətər məxrəclə ərəb ibarələrini tələffüz edərdi və elə bir nazü-qəmzə ilə növ-növ dualar zikr edərdi ki, gün çıxandan da sonra – ki, namaz gərək tamam olub qurtara idi, – dayım şüru edərdi Quranın bir neçə surəsini axıradək tilavət eləməyə. Əvvəl başlardı böyük surələrdən, məsələn, yadımda qalan: “Vəşşəms” surəsidir. “Qiyamət” surəsidir, “Əmmə” surəsi. Və bunlardan savayı genə bir neçə surəni mərsiyəxan tək avazla xanəndə-misal oxuyub keçərdi “İnna ənzəlna” kimi kiçik surələrə və saqqalını tumarlaya-tumarlaya durardı ayağa. Dəxi indi dayım, əlbəttə, özünü dünyada yaşayan ən xoşbəxt Allah bəndələrindən dəxi də xoşbəxt hesab edərdi. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şənində belə bir qəzəl yazdı: Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər, Cənnətə uyqu ipilə bir kəmənd atmaq dilər. Əbləhin fikrincə, cənnət bir Buxara şəhridir, Beççə tək qilmanları bulduqca oynatmaq dilər. Və hələ elə güman etməyin ki, dayım öz təklifini qurtardı və duasənadan azad oldu. Xeyr, görərdin ki, namazı bu qədər həngamə ilə qılıb qurtarandan sonra durardı ayağa və təsbeh çevirə-çevirə genə öz-özünə dodaqlarının altında vird elərdi: “Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd”, “lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim, lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim”. Buna da diqqət eləmişəm ki, daim namazı əda edib qurtarandan sonra xoş-əhval nəzərə gələrdi. Bunun səbəbini o vədələr mən başa düşə bilməzdim, amma sonra başa düşdüm ki, namazdan sonra dayım üçün üz verən səadətin əsl mənbəyi budur ki, indi dəxi dayım özünü quranda iman əhllərinə vədə verilən nemətlərə haqlı hesab edir. O kəslərin ki, “amənu və əməlüs-səlihat”, o kəsləri ki, iman gətirib əməlləri salehdir, yəni öz vaxtında namazlarını belə eşqi-übudiyyətlə əda ediblər. “İnnə ləhüm cənnat”, onlar üçündür behiştin bağları ki, “tücri min təhtihəl-ənhar”, haman bağlar ki, orada ağacların altında həmişə arxlar axacaqdır. Və hələ bu kifayət deyildir və dayım üçün tək bircə sulu bağın vədəsi o qədər də qiymətli olmaya gərək, çünki dayımın özünün o günləri yaxşı meyvəli ağacları və sulu arxları var idi. Amma dayım üçün ən qiymətli və ən maraqlı o idi ki, bu bağlarda seyr edən qadınlar, əvvəla, pakizədirlər (“vələhüm fiha əzvaci mütəhhirətin”) və saniyən, bu bağın pakizə huriləri orada həmişəlik və baqi idilər: “və hüm fiha xalidun”. Buna biçarə dayım kəmali-etiqadla inanırdı, əlbəttə ki, inanırdı. Yoxsa əgər inanmasa idi, güman edə bilmənəm ki, bütün ömrünün şirin sübh yuxusunu özünə və öz biçarə oğul-uşağına haram edə idi. Onunçün də Sabir burada söylədiyinin bu qisminin dayıma gərək dəxli olmaya: Məqsədi sövmü səlatildən bu imişkən, yazıq Həm xudanı, həm də məxluqatı aldatmaq dilər. Burada biçarə kişi tərəfindən bunu mən sədaqətlə ərz edə bilərəm ki, dayımın sövmü səlatindən məqsədi tək bircə həmişəlik cənnətdə mütəhhirə qadınlarla həmişəlik və tükənməyən ömür keçirmək idi. Burada öz ibadətilə dayım nə xudanı, nə də bəndəni aldatmaq fikrində yox idi. Bu hələ sübh namazıdır. Mülahizə eləmək lazımdır ki, burada dayımın nə qədər vaxtı bu namazı əda etməyə sərf olundu. Və bunu qeyd etmək lazımdır ki, necə ki, dayım, habelə də vətənimin qeyri dindarları. Hələ bu sübh namazıdır, hələ bu ikicə rükət sübh namazıdır. Hələ on yeddi rükət yomiyyə namazının, demək, on beş rükəti qalır. Doğrudur, zöhr, əsr və şam ilə xiftən namazlarının nədənsə ehtiramı sübh namazı ehtiramınca deyil və bu saydığımız namazlar sübh namazı tək təmtəraq ilə əda olunmurlar. Və lakin genə əda olunurlar. Xub əgər söhbət tək bircə on yeddi rükət yomiyyə namazı barəsindədir, bunu iş arasında genə qılıb qurtarmaq olar. Pəs o nədir ki, bu məqalənin yuxarısında zikr olundu ki, o qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həməvəqt, gecə və gündüz namaz üstə görmüşəm? Söhbət əgər tək bircə yomiyyə namazıdır, bu ki, cəmən on yeddi rükətdir. Sözdə xilaf yoxdur. Pəs o hansı namazlardır ki, onları il on iki ay gecə və gündüz, mənim yazıq vətəndaşlarım qılmaqdan qurtarmazdılar? Və elə ki, sonralar bir az yekəldim və Molla Əlinin məktəbində başladım həmin axirət ülum və fünunundan təhsil eləməyə o, vaxt mürur ilə başladım vaqif olmağa ki, dayılarım, qonşularım və cəmi vətəndaşlarım, gecə və gündüz qıldıqları namazın birinin adı nəmazi pəncganeyi-yomiyyədir. Dəxi bu? Nə qədər ki uşaqdım, bu işləri ağlım dərk eləmirdi, amma elə ki böyüdüm, o vədə başa düşdüm ki, dayım və atam yomiyyə namazından savayı qıldıqları namazlar yomiyyə namazı dərəcəsindən vacibi namazlardır. Belə ki, uşaqlıqda, məsəla, Qurban bayramı günü məhəlləmizin fazillərini və mömünlərini namaz qılan görəndə elə güman edərdim ki, onlar məhz bikarçılıq babətindən namaz qılırlar. Amma böyüyəndən sonra kitablarda oxudum və şəriətşünaslardan öyrəndim ki, Qurban bayramı namazı sübh və ya şam namazı dərəcəsində vacibi namazdır. Belə ki, qurban namazını əda etməmək sübh namazını əda etməmək mənziləsindəndir. Və habelə Rəməzan ayı namazı və qeyr vacibi namazlar. Məsəla, nə ağlın kəsir dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb? Hərçənd şəriətmədarlar namazları iki hissəyə bölüb, bir hissəsinə vacibi və birinə sünnəti adı qoyublar, amma mən gördüklərimi bu saat ortalığa qoysam, o vədə mülahizə buyura bilərsiniz ki, mən rəvayət etdiyim “qaranlıq”da yaşayan islam ümməti üçün, qıldıqları namazı sayıb qurtarmaq olsa, o vaxt göydəki ulduzları da sayıb qurtarmaq olar. Rəhmətlik vətəndaşlarım cümə günləri cümə namazına durardılar, ölü öləndə meyit namazına durardılar, göy guruldayanda namaz qılardılar (ayət namazı), ay tutulanda namaz qılardılar (xüsuf namazı), gün tutulanda namaz qılardılar, qara yel əsəndə namaz qılardılar, qırmızı yel əsəndə namaz qılardılar, and içəndə namaz qılardılar, nəzr eləyəndə namaz qılardılar, icarə eləyəndə namaz qılardılar. Və bunlar keçəndən sonra həmə vəqt bekar qalanda başlardılar namazı. A balam, dəxi bu nə namazdı? Bu da atadan qalma namazdır; atanın qəza namazlarıdır ki, övlada onları əda etmək vacibdir. Elə bu? Mən xilaf ərz edə bilmənəm və o şey ki, uşaqlıqda görmüşəm, indi birbəbir nağıl eləyirəm. Və şayəd mən burada indi cızma-qaraladığım rəvayət gələcəkdə bir kəsə lazım ola və bu sətirləri oxumağın ona lüzumu ola və şayəd bu söhbət onlara təəccüblü görükə. Və lakin indi bu saat ki, haman uşaqlıq günləri ayın-şayın gözümün qabağındadır, mən o vaxt vətənimin cəmi mömün bəndələrini gecə və gündüz namaz üstə görərdim. Söhbət buradadır ki, indiyədək yuxarıda saydığım namazlar ancaq vacibi namazlardır və məlumdur ki, vacibi namazlardan başqa müsəlman ümməti üçün sünnəti namazlar da təyin olunubdur. Bu da o namazlardır ki, onu qılmaq da olar, qılmamaq da olar. Yəni qılmamaq deyəndə necə qılmamaq? Əlbəttə, mümkündür qılmamaq və o da baxar insanın öz məzaqına və dindarlığının dərəcəsinə. Əgər sən istəyirsən o dünyaya iki üzü sulu gedəsən ki, heç bir yalançılığın qalmaya və ruzi-məhşərdə sual-cavab vaxtı hamıdan qabağa yeriyib dünyada tutduğun əməlin müqabilində özünə mükafat istəyəsən, onda, əlbəttə, vacibi namazlardan başqa sünnəti namazları da qılacaqsan. Zira bunların hamısının müqabilində sənə mükafat veriləcək və bunlar bihudə deyil. Və nə qədər ki uşaq idim, bu işlərin mənasını o qədər dərk edə bilmirdim; ancaq axır vaxtlarda Molla Əlinin məktəbində Qurandan dərs alanda o yerə gəldik çatdıq ki, xudavəndi-aləm özü kitabında buyurubdur ki “fəmən yəmələ misqalə zərrətin xeyrə yərəhu və ilax...” Yəni indi sənə məlum oldu ki, vacibi namazdan başqa sünnəti namazlar da sənə nişan verilib. Əgər onları da əda etməzsən, mükafat da almazsan, əgər əda edərsən, onun da xeyrini görərsən və ilax. Onunçün də mənim dindar vətəndaşlarım vacibi namazlarından başqa, sünnəti namazlarından da dəxi boyun qaçırmazdılar. Və yadımdadır ki, mərhum dayım, qonşumuz Məşədi Məmmədəli və sol tərəfdə mömün dəmirçi qonşularımız namaz qılan zaman görərdim ki, bunlar savayı yomiyyə namazından, genə namaz qılırlar. Hey namaz qılırlar. O vədə başa düşmürdüm ki, o dəxi nə namazdır; sonralar şəriət dərslərini dərk edəndən sonra başa düşdüm ki, əvvəla, günorta namazından qabaq səkkiz rükət nafilə [namazı] qılmaq lazımdır. Əsr namazından qabaq yenə səkkiz rükət nafilə namazı qılmaq lazımdır. Sonra dörd rükət məğrib namazı qılmaq sünnətdir. Gün batandan sonra ki, buna “vitrə” namazı dəxi deyilir. Sonra səkkiz rükət xiftən namazından sonra genə nafilə namazıdır. Sonra genə bir rükət “nafileyi-vitr” namazıdır. Sonra iki rükət namazi-nafileyi-sübhdür. Və hələ bununla təklif rəf olmur. Nafilə namazlarının hələ özünə məxsus duaları da vardır ki, onları da zikr etmək və tilavət etmək yenə vacibatdandır. Belə ki, həzrət imam Məhəmməd Bağır əleyhüs-səlamdan rəvayətdir ki, necə ki, öz iki gözünü əziz tutursan, zöhr vaxtı vacibi və sünnəti namazlar əda edəndən sonra onu bil ki, sənin imamın həmişə zöhr namazı əsnasında otuz dörd dəfə qül hüvəllahü əhəd” surəsini və bir dəfə “qül ya eyyühəl kafirun” surəsini tilavət etməmiş ayağa durmazdı. Və habelə gündəlik nafilə namazlarının yanında o qədər dua və surələrin oxunmağı təyin olunub ki, onları burada bir-bir zikr etmək istəsək, gərək hədsiz mürəkkəb və kağız burada sərf edək. Burayadək söylədiyim məlumatı mən hələ uşaqlıqda təhsil etmişdim və səkkiz-doqquz yaşa çatanadək namazların qəvaidini, məzmununu və onları əda etməyi öyrənmişdim. Və hələ məktəbə getməmiş və savad öyrənməmiş namazın cəmi ibarələrini əzbər bilirdim, çünki bu sində namaz qılırdım. Və namazı qılmaq üçün heç savadın lüzumu yox idi. Necə ki, o vədə bu namazların cümləsini qılan mömün vətəndaşlarımın çoxu savadsız idi. Və burada savadın heç lüzumu yox idi. Səbəb bu ki, namazın və duaların mətn ibarələrini əzbərləyib, mənasını bilməyə-bilməyə namaz qılırdılar; necə ki, indi və həmişə qılırlar. Bizə namazı təlim edən evimizdə hacı dayım idi və sonra da məktəbdə müəllim Molla Əli idi. Hacı dayımın heç savadı yox idi. Amma Molla Əli, çün Nəcəfül-Əşrəfdə təhsil tapmışdı, alim adam idi. Hacı dayım cəmi namazların, duaların və surələrin ibarəsini elə təkmil əzbərləmişdi ki, güman edə bilməzdin ki, bu kişi adını yaza bilməzdi. Hacı dayım əlli-əlli beş yaşında bir kişi idi. Amma elə qocalmışdı ki, namazın rüku və sücudunu hıqqana-hıqqana əda edə bilərdi. Bununla bərabər o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən-axşamadək səccadə qabağında namaz qılardı. Və binəva mən və xaloğlum Əhməd uşaq vaxtlarımızda, yəni anlamaz vaxtlarımızda ona baxıb gülərdik, amma sonralar, bir tərəfdən dayım bizi döyə-döyə qorxutdu və bir tərəfdən də məscidlərdə vaizlərin cənnət və cəhənnəm moizələrinin təsiri altında başladıq yavaş-yavaş ağıllanmağa. Və səkkiz yaşında olanda mən – necə ki, yuxarıda ərz olundu, – yomiyyə namazlarını qılmağa başlamışdım. Amma xaloğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. Onun səbəbi bu idi ki, Əhmədin yeznəsi rus dərsi oxumuşdu və o rus dərsi oxuyan binamaz (adı Mirzə Ələsgər idi), deyirdilər nə özü namaz qılırdı, nə uşaqları qoyurdu qılsınlar. Dayım bu barədə məni bərk saxladı. Və doğrudur, özü qıldığı cəmi namazları mənə qıldırmazdı, ancaq anama qıldırardı. Amma yomiyyə namazını məndən bərk tələb edərdi. Qalan namazları da ancaq mənə təlim etmək istərdi ki, yekəldikcə mən də onları yavaş – yavaş qılım. Və indi bu saydığım namazların cümləsini və onların cəmi ibarələrini və hətta quranın namaz vaxtında tilavət olunan cəmi surələrini mən indiyədək əzbər bilirəm. Və mənim bu elmim, əvvələn, dayımın tərbiyəsi nəticəsidir, saniyən, müdərris Molla Əlinin mənə verdiyi dərslərdən mənə hasil olubdur. Bununla bərabər mən və Əhməd, hərçənd uşaqlıqda fanatik dərəcəsində mömin idik, dayımın dindarlığına və bizə həddən ziyadə nəzərə gələn namazpərəstliyinə gah doğrudan da uşaq kimi gülərdik və dayım namazda olanda çün danışa bilməzdi ki, namazı batil olmasın, – ancaq bir neçə dəfə “Allahü əkbər” çığırardı və gözlərinin yanı ilə elə acıqlı baxardı ki, biz bilərdik ki, bizimkini bizə verəcəkdir. Məsələn, bir gün gəldik, gördüm dayım yenə namaz üstədir. Günortadan bir-iki saat keçmişdi. Və bildim ki, bu namaz zöhr namazı deyil, çünki zöhr namazını dayım başlayanda elə başlardı ki, müəzzin Molla Kərim (ya sonralar Molla Baxşəli) minarədən yerə düşsün. Gözlədim, dayım namazını qurtardı. Eləcə xəta oldu ki, dayımdan bu namazın hansı namaz olduğunu soruşdum. Burada rəhmətlik, əvvələn, başladı məni məzəmmət eləməyə ki, mən on bir yaşa çatmışam və hələ indiyədək “Cəfəri-təyyar” namazını eşitməmişəm. Və başladı mənə çox bir tənəli və acıqlı səslə vəz etməyə ki, “Cəfəri-təyyar” namazı dörd rükətdir. Və əvvəlinci rükətində iki dəfə salam zikr olunur. Fatihə surəsindən sonra “iza zül-zülət” surəsi oxunur və ikinci rükətində fatihədən sonra “qül hüvəllahü əhəd” və rükudan qabaq on beş dəfə oxunur: “sübhanallah əlhəmdülillah və lailahə-illəllah və Allahü əkbər”. Və dəxi nə gərək oxuna və neçə dəfə nə oxuna... Və bu çarə qoca dayım başladı genə neçə dəfə “sübhanallah vəllahü əkbər” dualarını saymağa. Yadımdan çıxmır ki, burada xaloğlum Əhməd başladı gülməyə. Dayım başmaq tayını götürdü atdı onun dalıyca. Başmaq tayı getdi Əhmədin əvəzində dəydi dayıcanımın alnına. Biçarə arvad əlini alnına basıb elə oradaca qaldı. Bir qədər keçdi, dayım qəlyan istədi və bilmirəm həmin övqattəlxlikdənmi səbəb oldu, ya qeyr bir səbəb oldu, ancaq dayım bir qədər yumşaldı və məni yavıq çağırıb başladı nəsihətini: – Bala, sən hələ uşaqsan. Mən demirəm ki, bu namazların hamısını sən də gərək qılasan, çünki sən hələ uşaqsan, qıla bilməzsən, hamısını qıla bilməzsən. Və dünən hacı Molla Tağı məsciddə moizə eləyəndə fərmayiş buyurdu ki, uşaqlara bu namazların hamısı caiz deyil. Ancaq sənə yomiyyə namazını qılmaq kifayətdi, amma bəşərtiha-bəşərtiha ki, qəzaya qoymayasan. Yoxsa doğrusu dünən mən səndən çox incidim; çünki dünən gün qalxmışdı, sən hələ, qırışmal, şirin yuxuda idin. Dayım qəlyanı sümürüb baxdı üzümə və bilmirəm nə fikir elədisə arvadının kefini soruşdu və mənə dedi: – Bala, heç eyib eləməz ki, insan dünyada elmli ola. İndi mən görürəm ki, sən hələ namazların daha pisini-yaxşısını bilmirsən, amma indidən bilməyin heç eyb gətirməz. Zira ki, o vaxt ki, özünü tanıdın, yekəldin, – bir də görəcəksən ki, sənin boynunda böyük təkliflər var. Məsələn, bax, indi mən sənə “Cəfəri-təyyar” rəziyəllahın namazını təlim etdim. Sən elə güman eləmə ki, namazlar tək bununla qurtardı, getdi. Onu heç kəs demir ki, dəxi yoxdur, onu bircə binamazlar deyə bilərlər. O adamlar deyə bilərlər ki, yavaş-yavaş onların qəlbi gəldikcə kəsafət bağlayır. Onlar istəmirlər ki, bunu bilələr və başa düşələr ki, bu beş günlük dünya ibarətdir Allah-taalanın göstərdiyi yol ilə getməkdən və Məhəmməd rəsulullah bizə gətirdiyi şəriəti əziz tutmaqdan. Və bu şəriətdə bizə çox-çox namazlar təyin ediblər ki, onları biz əda etməsək, vallah, billah, taalah bizə qeyri bir nicat yolu yoxdur, yox, yox, yox. Pəs dəxi o hansı namazlardır? – Qulağın məndədi, ya yox? Əvvələn, həzrət peyğəmbərin namazıdır ki, ibarət ola iki rükətdən: hər rükətdə bir fatihə və on-on beş dəfə “inna ənzəlna: oxuna gərək, habelə rükuə gedəndə on beş dəfə “inna ənzəlna”, habelə hər dəfə rükudan və sücuddan qalxdıqda on beş dəfə “inna ənzəlna” oxuna gərək. Bu bir. İkinci, həzrət əmirəlmömünin namazı dörd rükətdir ki, hər rükətdə bir dəfə fatihə və əlli dəfə “qül hüvəllahü əhəd” oxuna gərək. Üçüncü, həzrət Fatimeyi-Zəhra namazıdır. Bu da iki rükətdir. Burada fatihədən sonra [gərək] yüz dəfə “inna ənzəlna” və yüz dəfə “qül hüvəllahü əhəd” oxuna. İkinci rükətdə bu saydıqlarım gündəlik namazlardır. Dördüncü, mahi-mübarək Rəməzan ayının nafilə namazlarıdır ki, ibarət olsun min rükətdən ki, bunun təfsilatını inşallah Rəməzan ayı daxil olanda sənə nağıl elərəm. Sonra qulağın məndə olsun, – bu saydığım namazlardan savayı, islam ümməti üçün genə bir çox namazlar qərar verilibdir. Məsələn, nəmazi-məbəs ki, rəcəb ayının iyirmi yeddisindədir ki, ibarət ola on iki rükətdən. Sonra bösət namazı, on iki rükət mübahilə namazıdır ki, zilhiccənin iyirmi dördündə qılınır. Sonra ziyarət namazıdır, rəğayib namazıdır, şəbanın on beşinci gecəsinin namazıdır, rəcəbin on beşinci gecəsinin namazıdır, eydi-mahi-rəməzan namazıdır, qəflət namazıdır, səfər namazıdır, tövbə namazıdır, aşura namazıdır, eydi-novruz namazıdır... Burada məni yuxu tutur. Çün bu sətirləri oxuyan mənim möhtərəm oxucularım, şəkk yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur, elə də onlar görəcək ki, mənim haman qaranlıq əsrimin mömün müsəlmanları gecə və gündüz vaxtlarının çox hissəsini namaza həsr etmişlər. O ki qaldı mənim kimi uşaq tayfası, onların da bir paraları – necə ki, mən biçarə, – atalarının və əmilərinin təsiri altında bu namazların cümləsini də olmasa, çox hissəsini qılmağa məcbur olurdular. Ancaq bu söhbət ilin adi on bir ayı barəsindədir. Amma bunu mən indi də qorxa-qorxa deyirəm ki, ilimizin aylarının içində bir şərafətli ay var ki, haman ayı indi mən yadıma salanda canıma lərzə düşür. Amma o vaxtlar mən də qeyri mömün bəndələr cərgəsində haman mübarək ayın daxil olmağını damların üstündə istiqbal edirdik. Haman şərafətli ayın adı mahi-mübarəki-rəməzandır. Və o ay mənim üçün indi böyük bir yadigardır. Səbəb budur ki, indi mən düşünürəm ki, o mübarək ayın mənə və mənim əziz valideynimə xeyri o olubdur ki, o biçarələr və həmçinin vətənimin onlar tək binəvaları haman mübarək ayın uzun gecələrini yatmayıb səhərə kimi namaz qılıblar. O namazların adı nafileyi-mahi-mübarəki-rəməzandır. Bu namazların qeyri vacibi və sünnəti namazlara nisbətən təfavütü budur ki, onların genə rükətinin sayı və hesabı var; amma Rəməzan ayının nafilə namazlarının haqq-hesabı yoxdur. Çünki Fazili – Dərbəndinin rəyincə, Rəməzan ayının birindən on doqquzunadək hər gecə üç yüz rükət namaz gərək qılasan. Amma müctəhid Məməqaninin risaləsində nafileyi-mahi-mübarəki-rəməzanın qədəri birindən on doqquzunadək hər gecə həştad rükət yazılır. Ancaq nuzdəhhüm, bistü yekküm və bistü seyyüm gecələri hər gecə üç yüz rükət yazılıbdır. Və bunu mən kəmali-sədaqətlə ərz edirəm ki, mən uşaqlıqda rəməzanın uzun gecələrini rahat yatmamışam və nə qədər ki, namazı qılmağı təlim almamışdım, dayımın və valideynimin etikafına tamaşa edirdim. Və uşaqlığımın şirin yuxusu gəlib məni basanda cəhənnəmin əqrəblərinin qorxusundan gözlərimi açardım və görərdim ki, dayım, atam, anam və qonşuluqda yaşayan yenə bir neçə mömün və mömünələr namaz qılırlar. Axşamdan-səhərə kimi namaz qılırdılar; nafilə namazını qılardılar. Və elə ki, axırda mən də böyüyüb on iki-on üç yaşa çatdım, mən də haman Rəməzan gecələri, mömün və mömünələrlə nafilə namazlarını qılmağa şərik oldum və şərik olduqda, söz yox, cənnətin naz və nemətlərinə də şərik oldum. Haman cənnətin ki, “tücri min təhtihəl-ənhar”, hələ bəlkə “əzvaci mütəhhirə”. Dəxi o vaxt əzvacın da mənasını mənə dindar müdərrislərim öyrətmişdilər. Bu söhbətlər hələ Rəməzanın birindən on səkkizinədəkdir. O ki qaldı Rəməzanın on doqquzundan axırınadək, bu barədə də müfəssəl söhbətimi orucluq dəsgahının rəvayətinə buraxıram ki, bundan sonra ərz olunacaqdır. Söz buradadır ki, bu qədər əhəmiyyət ki, Rəməzanın qoqquzundan axırınadək verilir, bu qədər nafilə namazı ki, ibarət olsun gecədə üç yüz rükətdən ki, on doqquzundan axırınadək hər gecə qılınır, – bunun əs1 illəti buradadır ki, hər Rəməzanın həmin hissəsinin gecələrinin biri qədr gecəsidir ki, islam ümməti indiyədək haman qədr gecəsini axtarmaqdadır. Və bunu indi qeyd edirəm ki, haman gecəni bu günə kimi mömün bəndələr hələ yenə tapmayıblar. Və lakin çün qədr gecəsinin söhbəti Rəməzan söhbətinə daxildir, bu təfsilatı gələn hissəyə buraxıram və keçirəm genə namaz fəqərəsinə. Qurtardımı namazlar? Və indiyədək söylədiyimiz namazları əgər bir nəfər mömün bəndə qılıb qurtarmış olsa, dəxi onun üçün genə qılınmamış namaz qalıbdırmı, ya yox? Baxaq görək. Və mən bu sətirləri indi yazanda özüm də deyirəm bəlkə dəxi qurtardı getdi? Bəlkə dəxi bu qədər namazları ki mənim mömün vətəndaşlarım və din qardaşlarım o vədə qılırmışlar, bəlkə dəxi bununla onların təklifi qurtarır? Bəlkə indi onları əməli-salehlər cərgəsinə daxil etmək olar? Bəlkə dəxi bu namazlardan başqa, Allah-taala dəxi onlardan qeyri bir namaz tələb eləmir?! Heyhat! Sənin xaliqin səni xəlq etməyibdir, məgər ondan ötrü ki, onun sirlərini dərk etməyə qadir olasan! Və illa hər bir mövcudatın bir müəyyən təklifi vardır və cəmi kainat ki, xudavəndi-aləm tərəfindən vicuda gəlibdir, bunların hərəsi bir amil dərəcəsindədir ki, təbiətin ehkamını hər bir yaranmış öz dairəsində əmələ gətirsin. Və bu dəsgahın genə əvvəl və axır sahibi necə ki, cəmi vacibül-vücudun xaliqi olan pərvərdigari-aləmdir ki, gözə görünməyən mənbədən və idrakımız çatmayan göylərdən yer üzünə barani-rəhmət göndərir. Haman barani-rəhmət ki, mənim zavallı vətənimdə necə ki, Kərbəla meydanında o baranın bir qətrəsi abi-həyat mənziləsində idi, bunun illəti o idi. Mənim o vədəki vətənimin zariləri, suyun qıtlığından yay zamanları gecə və gündüz əlləri duada, barani-rəhmət gözlərdilər və şəhərin də əhalisi gecə və gündüz meyvə ağaclarını və səbziyyatı suvarmaq üçün gecə və gündüz əlləri duada Allahdan yağış istərdilər, yağış həftələrlə və bəlkə aylarla yağmazdı. Və təbiətin susuzluqdan bitkiləri qurudub yandırmaq xasiyyətini genə Allah-taala özü təyin edibdir. Niyə təyin edibdir, özü bilər. Və girəm ki, təbiətin bu xasiyyəti vücudilə hədsiz və hesabsız mömün bəndələrin və məsum əkinçi əhalinin məhsulatı quruyub yanacaqdır və insanlara bu quraqlıqdan qıtlıq və aclıq üz verəcəkdir və zavallı zəhmətkeşlərin zəhmətləri səmərəsiz qalacaqlar və bu aclıqdan bir çox uşaqlar ağlayacaq, – bunlar hamısı öz yerində; bunlar genə haman cənab Allahın öz işidir. Və biz bəndələrin təklifi genə dinməməkdir. Və o dəqiqə mənim zavallı vətəndaşlarımın təklifi genə dinməmək idi və necə ki, dinmirdilər. Bari-pərvərdigara, bəs sənin onlara necə rəhmin gəlmir? Onlar ki, sənin yolunda bir gecə və gündüzün ərzində neçə yüz rükət namaz qılırlar. Onların alınlarında möhr yer eləyibdir. Onlar hətta nafilə namazlarını sənin qorxundan cabəca edirlər. Bəs zəhi nainsaflıqdır ki, sən onların ziraətini yandırasan və namütənahi yarış anbarlarından mömün bəndələrinə müftə yağışını müzayiqə edəsən! Niyə belə eləyirsən? Yoxsa onların həddi və hesabı olmayan dindarlıqlarına, qorxaqlıqlarına və savadsızlıqlarına və məlumatsızlıqlarına arxayınsan? Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? Çünki onlar bilməyənlərdir! Xudaya, ləbbeyk! Bizə yağış! Bə yadıma salıram o günləri ki, şəhərimizin əhalisi zirü-cavan, kişi və övrət, qoca və uşaq, hətta dördayaqlılar, şəhərin kənarına axışıb getməkdədir. Bir həngamədir ki, gəlib görəsən! Xudaya, bizə yağış! Şəhərin bütün əhalisi şəhərin kənarında, səhradadır. Bu gün düşənbədir. Hamı orucdur. Və mən də və mən tək cəmi səkkiz yaşındakı uşaqlar da orucdur. Üç gündür ki, orucuq. Axund Molla Tağı, yəni şəhərimizin birinci vaizi və qazısı və fazili şənbə günündən xəbər veribdir ki, üç günü – şənbəni, yekşənbəni, düşənbəni cəmi mömünlər oruc tutsunlar ki, bu gün, düşənbə günü, yəni üçgünlük etikafdan sonra müsəllaya çıxsınlar. Bu gün şəhərin cəmi insanları səhraya köçməkdədir. Hamı pay-piyada, ayaqyalın və hətta dizə kimi çərmənmiş... havanın şiddətli istisinin, yayın gününün təsirindən yerə ayaq basmaq mümkün deyil. Gör nə qiyamətdir ki, bütün yayı havaya nəinki rütubət, bəlkə bir parça da bulud gəlməyib. Cəmi nəbatat quruyub xəzəl olmaqdadır. Xudaya, bizə yağış! Ləbbeyk! Elə ki, mömün bəndələr, mollalar, səf-səf hacılar, dəstə-dəstə məşədi və kərbəlayılar səf-səf “xüzuxüşu”la “əstəğfürulla, rəbbi və ətubi ileyh” deyə-deyə səhraya cəm oldular. Qazı Axund Molla Tağı çıxdı uca bir daşın üstə, əvvəl bir xütbə oxudu və sonra üzünü camaata tutub əllərini ölçə-ölçə çox tənəli bir səslə başladı moizəsini: – Hə! hə! Gələrsiz, gələrsiz, ağlarsız, ağlarsız, hə! Ya eyyühəl-insan! Bir vaxt var idi ki, barani-rəhmət yağanda, siz öz evlərinizdə qiymətli fərşlər üstündə əyləşib deyirdiniz, xub, biz yomiyyə namazını əda etdik, bir qeyri vacibi və sünnəti namazları cabəca etdik. Bizə təklif olunan namazların cümləsini əzaya qoymayıb yerinə yetirdik... Hə! Ya eyyühəl-insan, siz mütməin oturmuşdunuz evlərinizdə, ta demirdiniz bu nə bəladır ki, nazil olubdur ki, dağlar və daşlar da quraqlıqdan od tutub yanır. Hə! Bəs siz bilmirsiniz xudavəndi-aləm sizləri xəlq edəndə iki göz verib cəll-cəlalın dəsgahına tamaşa edəsiniz və sizə əql kəramət edibdir ki, o əqlin vasitəsilə bunu dərk edəsiniz ki, xudavəndi-aləmin ehkamını yerinə yetirməyincə ondan nicat gözləmək mümkün olmaz? Hə! Barani-rəhmət! İndi sizə barani-rəhmət lüzumu görsəndi. Bəs bu barani-rəhmətin müqabilində hanı sizdən sadir olan xüzu və xüşu? Hanı tövbə və istiğfarınız və nəyə arxayınsınız? Yoxsa o beş-on rükət yomiyyə namazına arxayınsınız? Yoxsa neçə yüz rükət qeyri namazlara arxayınsınız? Yoxsa bir neçə min rükət nafilə namazlarına mütməinsiniz ki, dəxi cəmi təkliflər sizdən mürtəfe oldular? Heyhat! Necə qəflət, necə qəflət! Bəs o necə olacaq ki, bir gün ki, onun adı ruzi-məhşərdir, o vədə sizin hamınızı ərseyi-mizani tərazüyə çəkəcəklər və orada sizi məşhur edəcəklər və bu dünyada qıldığınız namazlar barəsində sizdən sual-cavab edəcəklər? O vaxt qiyamət gününün şahidləri ki, ibarət olsun ənbiya və övsiyadan, cənab həqqin hüzurunda hazır olacaqlar. O vaxt hatifdən səda gələcək: “ Hazır olsun bu məclisdə lövh vəl qələm”. Və elə ki, qələm burada adəm surətində hazır oldu, həqqi-sübhani və təalidən ona xitab olunacaq: “Ya qələm, zəmani ki, mənim vəhyim sənə ilham olundu ki, cəmi məxluqatın əməllərini öz lövhünə yaz, aya sən yazmısanmı, ya yox?” Onda qələm cavab verəcək ki, “nəm (bəli), yazmışam”. Xudavəndi-aləm burada qələmdən şahid istəyəcək. Və qələm burada İsrafili şahid göstərəcək. Sonra xudavəndi-aləmdən xitab olunacaq ki, İsrafili hüzura gətirsinlər. Elə ki, İsrafil hüzura gəldi, ondan sual olunacaq ki, əya sən şahid ola bilərsənmi ki, məxluqatın nameyi-emalını qələm öz lövhünə yazmış ola? Və əgər ona şahidsən, pəs həmin nameyi-emalı sən öz yerinə yetirmisənmi, ya yox? Burada İsrafil cavab verəcək ki, “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm Cəbrayilə. Çağırın gəlsin Cəbrayili”. Elə ki, Cəbrayil də hazır olur, ona da bu sualı verəndə, o da cavab verir ki: “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm cəmi ülülözm peyğəmbərlərə ki, axırıncı ibarət olsun Məhəmməd-ibni-Əbdüllahil-ərəbiyyil-qüreyşil-hərəmindən”. Camaat burada başına döyür və ağlayır. Va müsibəta!.. Axırda xatəmül-ənbiya ortalığa təşrif gətirib xəllaqül-aləmə ərz edir ki: Xudaya, mənim ümmətim sənin dərgahında şərmsardır. Ol səbəbə ki, onlar cəmi vacibi namazlar əda etdilər, hətta rəməzanül-mübarək ayının nuzdəhhümdən başlamış otuzuncu gününə kimi gecələr, axşamdan ta sübhədək yatmadılar. Böyük və kiçik, – hətta bu sətirləri cızma qaralayan səkkiz yaşındakı uşaqlar da, – dayılarının qorxusundan gündüzlər on səkkiz saat yay günləri susuz qalıb, gecələri də üç yüz rükət nafilə namazı qıldılar və qeyri namazların da cəmisini yerinə yetirdilər. Ancaq bu qaranlıq məmləkətdə tək bircə bədbəxtlik üz verdi ki, o da ibarət ola ondan ki, bu bədbəxtlər “tələbi-baran” namazını unudub qılmadılar. Va müsibəta! Və məhz həmin məsiyətin nəticəsidir ki, indi sənin də bu camaata qəzəbin tutub. Yayın bu şiddətli istisində neçə aydır ki, bu fəqirlərin ziraətini susuz qoymusan və o muftə yağış anbarlarından bunlara yağış göndərmirsən ki, bu vilayətdə gələcəkdə qıtlıq əmələ gəlməsin və mömün bəndələrin acından ağlaşmasınlar. Camaat uşaq kimi “vay-vay” deyib ağlayır. Burada Axund Molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. Camaat ona iqtida elədi. Axund üç dəfə bir-birinin dalıyca ucadan və bəlağətlə dedi: “Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd” və sonra başladı namazı. Haman iki rükətdən ibarət adi namaz idi. Bircə təfavütü bu idi ki, qunut vaxtı bu duanı tək oxudu: “Allahümmə ibadükə”. Namazı qurtarandan sonra axund Molla Tağı yeridi bir az da qabağa. Ridasının sağ ətəyini sol çiyninə atdı, ridasının sol ətəyini sağ çiyninə atdı və iki xütbə oxudu və üzünü qibləyə tutub başladı tövbə eləməyə və yüz dəfə bir-birinin dalıyca dedi: “əstəğfürulla rəbbi və ətubi ileyh”. Bunu yüz dəfə dedikdə camaat da onu təkrar edirdilər. Və ondan sonra yüz dəfə “sübhanallah” və yenə yüz dəfə “lailahəilləllah”. Və axırda üzünü camaata tərəf çöndərdi, fatihə surəsini oxuyub və camaat da fatihə deyib hamı gözlərini silə-silə evinə dağılmağa başladı. Bununla tələbi-baran namazı qılındı, tamam oldu. Meyit büsatı Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazdan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin və bu imtahana görə lazımi mükafat alsın ki, o da ibarət ola cənnətə daxil olmaqdan və cəhənnəmin əzabından uzaq olmaqdan. Nə qədər ki mömin bəndə hali-həyatdadır, qiyamət gününün qeydinə o özü qalır; çünki hali-həyatdadır, muxtardır, qadirdir və mükəlləfdir. Amma elə ki mömin bəndə mövtə tərəf üz qoydu, o vədə çün ona icz üz verir, bir tərəfdən də həşr haqq-hesabını verməyə yavıqlaşmaqda olur. Onunçün də onun əqrəbası və mömin vətəndaşları onun qeydinə qalırlar, hər vəsilə ilə təlaş edirlər ki, onu axirət evinə hər bir günahdan ari və üzüağ göndərsinlər. Və çün hər bir mömin bəndənin nicatı yolunda bari-pərvərdigara dua və sənada bulunmağın, hər bir mömin bəndənin özünə də feyzi var, onunçün də mömin bəndə məriz olub haləti-nəzə yetişən andan ta qəbr evinə tapşırılanadək və dəfndən sonra və vəfatın ərbəininədək və sonralar hər pəncşənbə axşamı qəbr üstə Quran surəsi tilavət edirlər, mərhumu yad-bud eləyirlər. Mütəvəffanın əqrəbası və mömin vətəndaşları o qədər həmdü-səna, xeyir-dua [edir] və o qədər Allahı çağırmaqda olurlar ki, ağlım bavər etmir ki, bu qədər ibadətin, razi-niyazın müqabilində nə inkir-minkir mərhuma artıq bir əziyyət verə, nə də ruzi-məşhər gününün şahidləri hesab olunan övliya və övsiya mərhumu öz lütf və mərhəmətlərindən kənar tutalar. Onun üçün mənim mömin vətəndaşlarımın birinin axır nəfəsi çıxan kimi, əvvələn, onun evi bir məscidə təşbih olardı. Mərhum özü bir imam övladı dərəcəsində əlahiddə bir qüdsiyyət kəsb edərdi və onun ölüm xəbəri evdən eşiyə çıxan kimi damın üstündə müəzzin tərəfindən axirət mücdəsi “inna lillahi və inna ileyhi raciun” şüarı şəhərə yayılıb mömin bəndələri haman dəqiqə mərhumun mənzilinə cəlb edərdi ki, cəm olsunlar və onu elə bir təntənəli dua və sənalı axirət evinə müşayiət eləsinlər ki, mərhum Hacı Hüseynəli mərd-mərdanə puli-siratı keçib, guldurum gurup düşsün behiştin hurilərinin qucağına. Hələ mərhum Hacı Hüseynəlinin axır nəfəsi çıxmamışdan, hələ haləti-nəzdə idi ki, yanındakı qohum-əqrəbası bunun üzünü qibləyə çöndərdilər və təşvişə düşdülər ki, Quran oxuyan gəlsin, Quran oxusun. Bir qeyri adam ələ düşmədi. Qonşuluqda divar dibində başmaq yamayan pinəçi Molla Məmişi tapıb gətirirdilər. Bu da yekə cırıq Quranı kürkünün altından çıxartdı və başladı avazla oxumağa. “Əuzü billahi minəş-şeytanir-rəcim, bismillahir-rəhmanir-rəhim, yüsəbbihü lillahi ma fis-səmavati vəma fil-ərz”. Bu surəni o qədər oxudu ki, Hacı Molla Tağı da özünü yetirdi. Molla Əli gəldi, çıxdı damın üstünə. Molla Baxşəli də münacatı başladı və bu qədər əsl mollaların vücudilə pinəçi Molla Məmişin Quran oxumağı yaddan çıxdı. Bununla bərabər demək olmaz ki, pinəçi Molla Məmiş az iş gördü. Xeyr, onun xidməti çox oldu, çünki öz vaxtında Molla Məmiş mərhum Hacı Hüseynəlinin qulağına yetirdi ki, ey rəhmətlik, müqəddəs Quranımızın “Fəğabün” surəsində xəbər verilibdir ki, hər bir şey dünyada gecə və gündüz, yerdə və göylərdə xudavəndi-aləmə ibadət edir. “Fəminküm kafirün fəminküm möminin”: kafir də ibadət edir, mömin də ibadət edir. Pəs indi sən də xəbərdar ol, ey mərhum Hacı Hüseynəli... Əlbəttə, o yaranmışlar ki, onlar aləmi-zərrdən müttəli və müxbirdirlər və ölülərin dilini bilirlər, o yaranmışlar yəqin eşidirlər ki, burada Hacı Hüseynəli pinəçi Molla Məmişin Quran ibarəsinin cavabında belə deyir: – Ay bəndeyi-xuda, mən biçarə ki, bütün ömrümdə altı-yeddi yaşından başlamış bir gün olmayıb ki, yomiyyə namazını qəzaya qoyam, qeyri vacibi namazları əda etməyəm, nəvafili-yomiyyəni qılmıyam, Həzrət Əmirəlmöminin namazını qılmıyam, Həzrəti-Fatimənin namazını qılmıyam, Cəfəri-Təyyarı əda etməyəm, əraci namazını qılmıyam, nəmazi-istisqanı unudam, nəmazi eydi – qədirə etina etmiyəm və hər ayın əvvəlinin onuncu gününün namazını qılmıyam və bunlar hamısı keçəndən sonra bütün ömrümdə bir gün də olmayıb ki, mah-mübarək Rəməzanın bir gününün orucunu batil eləyim və bir gecəsini əhya saxlamıyam və nuz dəhhümdən axırınadək mahi-rəməzanın altı yüz altmış altı rükət nafilə namazını hər gecə axşamdan səhərədək şirin yuxunu özümə haram edib cabəca etməmiş olum. Pəs ay rəhmətliyin oğlu, pinəçi Molla Məmiş, indi dəxi sənin o cırıq və çirkli müqəddəs Quranının Fəğabün surəsi məndən nə istəyir? Bari qoyun bu dünyadan o dünyaya gedən yerdə və puli-siratdan keçən yerdə bir-iki saniyənin müddətində insancasına azad olum. İnsanca azad olum!.. Molla Kərimin azanı şəhərin bütün camaatını yarım saatın ərzində Hacı Hüseynəlinin evinə və həyətinə topladı. Plov qazanları üçün Hacının həyətində ocaq yeri qazılır və haman dəmdə də qəbiristanda Hacı Hüseynəlinin qəbri qazılır. Şəhərin cəmi əmmaməliləri haman saat qarğa-quzğun tək buraya cəm olubdur. Onlar bu gün plov yeyəcəklər. Şəhərin cəmi balaca uşaqları bura qarğa-quzğun tək cəm olublar. Bunlar qəbiristanda halva qapacaqlar. Şəhərin cəmi möminləri buraya cəm olub, Quranın siparələrini oxuyurlar. Bunlar da plov yeyəcəklər. Meyitə qüsl verilir, kəfən biçilir, tabuta qoyulur, meyiti aparırlar. Şəhərin xeyli camaatı cənazəni müşayiət edir; çünki üç dənə plov qazanı asılıb, hərəsi iki putluq. Məscid həyətində cənazəni qoyurlar ortalığa və camaat namaza durur. Bu da meyit namazıdır. Bu haman namazdır ki, bu sətirləri indi burada cızma-qara eləyən, həmin namazı ta uşaqlıqdan başlayıb, milyon dəfə onu qılmağa məcbur olubdur. “Məcbur olub” deməkdə, mənim bu barədə bir neçə sözüm var. Meyit namazı vacibi namazlar cərgəsində sayılır. Bu namaz ilə qeyri vacibi və sünnəti namazların fərqi budur ki, meyit namazı həmişə camaatla və camaatın nəzərində qılınır. Bu namaz ondan ötrü hörmətli və əhəmiyyətlidir ki, mütəvvəffanın mömin vətəndaşları bu namazı qılmaqda Allah-taaladan iltimas edirlər ki, mərhumun günahlarını bağışlasın və mümkün olduqca onu cənnətin nemətlərindən uzaq tutmasın. Onunçün meyit namazını qılmaq hər bir vətəndaşın birinci vəzifəsi hesab olunur. Onuçün bəndə də minlərcə vəfat etmiş mömin bəndələrin din qardaşı, minlərcə meyit namazını qılmışam. Şövq ilə də qılmışam, məcburən də qılmışam. Şövqlə ondan ötrü qılmışam ki, necə ki cəmi namazları, habelə meyit namazını əda etməyin növ-növ feyzi vardır ki, min dəfələrlə vaizlərin moizəsində eşitmişik. Məcburi də ondan ötrü qılmışam ki, bu namaz, – necə ki, ərz olundu, – camaat namazıdır; camaatın nəzərində qılınan namazlardandır, hər bir hazirunə vacib olan namazlardandır. Və bir surətdə camaat içində bir ölünü yad-bud edib onun mərasimi-dəfninə gəlmisən, dəxi o vaxt ki, camaat yenicə namaza durubdur, sən tək bircə onlardan ayrılıb özünü kənarda saxlayanda möminlərin nəzərində kəm-etiqad görükəcəksən. Onunçün də mən çox vaxt meyit namazında məcburən iştirak etmişəm; necə məndən savayı həmin sətirləri oxuyan yoldaşların əksəri mən tək xalqın nəzərində kəm-etiqadlar cərgəsinə düşməməkdən ötrü meyit namazı qılanların cərgəsində durub özlərini namaz qılanlara oxşadıblar ki, mömin bəndələr içində onun ehtiramı azalmasın. Ta o dərəcəyə kimi ki, indiki əsrdə də camaatımızın işıqlanmışları və belə-belə çərən-pərənin mənasını dərk edənlər – oxumuşlarımız, ədiblərimiz və sair qanacaqlılarımız yenə məscid həyətlərində meyit namazı qılanların cərgəsində durmaqdan özlərini xilas edə bilmirlər. Mən ki, – qeyriləri [ilə] işim yoxdur, – ancaq meyit namazını altı-yeddi yaşımdan başlamış, ta indiyədək o qədər mömin müsəlman bəndələrinin cənazəsini pak və münəzzəh etmək qəsdilə qeyri əhli-iman din qardaşlarımın cərgəsində qılmışam ki, dəxi bu namazın ibarəsini əzbər bilirəm: “Allahü əkbər... Əşhədü-ən lailahə-illəllah, vəhdəhüla şərikə ləhü, allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd və barik əla Mühəmməd... Allahü əkbər...”. Sən hesab edirsən ki, namazı qılıb qurtarandan sonra cənazəni götürüb aparırlar qəbiristana, orada mərhum Hüseynəlini dəfn edirlər və qayıdıb gedirlər hərə öz kəsbkarına. Əlbəttə, sən səhv edirsən; çünki əgər sən dediyin kimi olsa idi, onda nə mərhum Hacı Hüseynəlini o cür ehtiramla məhşər gününün şahidləri imtahandan çıxarıb cənnətin qəbzini ona əla mükafatla verəcək idilər, nə mərhumun diri vətəndaşları bu dünyada o qədər feyziyab olacaq idilər, nə qədər ki, mərhum Hacı Hüseynəlinin dəfn olunmağı sayəsində feyziyab oldular; savayı ondan ki, yaxşıca çay, qəhvə, plov və genə çay və genə plov... Mərhum Hacını dəfn etmək üçün şəhərin, yalan olmasa, yarısı onun evinə cəm olmuşdu. Həqiqət halda, qəbiristana aparmayınca mərhumun nəşini yumağa və qəbrini qazmağa dörd nəfər hambal lazımdır. Və intəhası iki-üç saat vaxt kifayətdir. Bunun əvəzində şəhərin əqəllən dörd yüz nəfəri, dörd gün Hacı Hüseynəlinin ruhsuz bədənini qəbrə qoymağa və axirət evinə göndərməyə və axirətdə də cənnətin qapısından iltica və iltimas etməyə məşğul oldular. Bu dörd günün ərzində mərhumun həyətinin ağacları, torpaqları və daşları da Allahı çağırmaqda iştirak edirdilər və dörd günün ərzində mənim əhli-iman vətəndaşlarımın gözlərindən axıdılan göz yaşlarını tərəziyə qoyub çəkmək mümkün olsaydı, görəsən, neçə xalvar edərdi?! Kim idi ağlayanlar? Elə güman etməyin ki, Hacının əqrəbası idi. Ağlayanlar Hacının təziyəsinə cəm olan dörd yüz nəfər mömin Allah bəndələri idi. Kimə onlar ağlayırdılar? Kərbəla meydanında iki ərəb sərkərdələrinin bir-birilə dava edib basılan və ölülərinə (Atalar sözü: iki dava eləyənin biri basar, biri basılar. Bunlara ağlayanın da xəlbiri divardan asılar). Xülaseyi-kəlam, məqsəd Hacı Hüseynəlinin matəm büsatına tul və təfsil vermək deyil. O qədər də bunun oxuculara dilxoşluğu olmaya gərək. Məqsəd bunu ərz etməkdir ki, Allah-taala bizə təyin edən və peyğəmbəri xatəmi-ənbiya və onun vəli-vəsiləri və imam və müctəhidləri bizə xəbər verən namazların içində ən vacib və ən mühüm və ən hörmətli və izzətli meyit namazını mən ta yeddi yaşımdan bu vaxtadək o qədər qılmışam ki, onun haqq-hesabı yoxdur; necə ki, yəqin edirəm ki, məndən savayı mənim cəmi vətəndaşlarım və din qardaşlarım bu namazı mən tək haqq-hesabsız qılıblar. Hal-hazırı söyləsək, həmin meyit namazını mənim vətəndaşlarım – istər bazar əsnafı, istər maarif dostları – genə camaatın nəzərində özlərini bu namazı məscid həyətində qılanlar cərgəsinə daxil edirlər ki, avam camaatın nəzərində hörmətlərinə rəxnə toxunmasın. Şadlıq namazı – Pəs ey mömin bəndə, sən elə xəyal eləmə ki, məhz-matəm günündə gərək Allahı yada salasan, məhz ölü öləndə və yas quranda gərək xudavəndi-aləmi yad-bud eləyəsən. Pəs məgər sən bilmirsənmi ki, insan hər qədəm qoyduqca, hər nəfəs aldıqca pərvərdigari-aləmi özünə yavıq tuta gərək? Necə ki, şair əleyhürrəhmə deyibdir: “Hər nəfəsi ki firu mirəvəd, mümiddi həyat əst ki, çün bərmiayəd müfərrih zat”. Pəs zatə fərəh verən nədir? Odur ki, sənin bu gün fərəh günündür, sən bu gün təəhhül qərar verirsən. Bu gün sənin şadlıq günündür. Bu gün sən özünə ərus gətirirsən, sən bu gün eyş-işrətdəsən, pəs lazım deyilmi ki, bunu dərk eləyəsən ki, hər günün, hər saatın və hər halın bir sahibi var ki, ibarət olsun o gözə görünməyən yektadan ki, bizə matəmi də göndərən odur, şadlığı da əta edən odur; necə ki, hədisi-hüsndə həzrəti-Sadiq əleyhüssəlamdan nəql olunubdur ki, zifaf gecəsi iki rükət namaz və iki həmdullah əda edə gərək və namazdan sonra bu duanı oxuya: “Allahümmə üridi ən təzəvvücə fəqədir vəli minənnisai”. Bu yuxarıda nağıl elədiyim sözlər haman sözlərdir ki, dayı – oğlumun toyunda zifaf gecəsi, – yəni o gecə ki, dayım mərsiyəxan Hacı Molla Vəlini çağırıb mərsiyə oxudurdu – Hacı Molla Vəli mərsiyədən qabaq yuxarıdakı moizəni camaata eləyirdi. Və elə ki gəlin gəldi və camaat dağıldı, qaldı qohum-qardaş, dayım evlənən oğlunu çağırdı, köhnə bayazı aldı əlinə və oğluna başladı haman zifaf namazını təlim və məşq eləməyə. Niyyət filan və filan: təkbirətül-ehram, Allahü əkbər, sonra qiyam, rüku, qiraət, sücud öz yerində. Bir rükət, iki rükət və sonra bu duanı oxumaq lazımdır: “Allahümmə üridü ən təzəvvəcə fəqədir minənnisai... ilaxır”. Və elə ki, qalan adamlar da dağıldı, qaldı bir-iki yengə və bir neçə yavıq qohumlarımız, evlənən dayı oğlum dəstəmaz aldı, müvafiqi-qaidə haman namazı qıldı, duanı oxudu və durdu ayağa, təsbeh çevirə-çevirə və ağzında dua və sənanı vird edə-edə getdi təzə ərusinin yanına. Dəxi onda mən yəqin elədim ki, dayım oğlunun və ərusinin mabeynində həmişə ülfət əmələ gələcək və bunların övladı səlamət və saleh olacaqdır. Və bu nikah hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir. Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. Və səbəbsiz yerə başladı təzə övrətini döyməyə. Az çəkmədi ki, dəliliyi şiddət elədi və axırda öldü getdi. Xülaseyi-kəlam. O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən günün hər bir saatında, dəqiqəsində və saniyəsində ata və anamı, dayımı, qohum-əqrəbamı, qonşularımı və cəmi mömin vətəndaşlarımı namaz qılan görmüşəm: “Allahü əkbər!“. Bu saydığım Allah bəndələri namaz qılmağa iki babətdən giriftar idilər: məhəbbətdən və qorxudan. Məhəbbət namazın sahibi pərvərdigari-aləmə idi ki, bu mömin bəndələri inandırmışdı ki, təyin olunan namazları vaxtlı-vaxtında əda edənə axirətdə veriləcək cənnətlər; haman cənnətlər ki, “tücri min təhtihəl-ənhar xalidinə fiha”; nələr? Övrətlər və uşaqlar. Və hər növ ləziz meyvələr və şirin sular. Qorxuları nədən idi? Qorxuları ondan idi ki, imam Museyi-Kazim buyurarmış ki, yetmiş peyğəmbəri qətlə yetirənin min dənə məshəfi yandıranın və həftad dəfə zina eləyənin günahı o kəsin günahından azdır ki, təyin olunan vacibi namazların birini qəzaya qoyandan sonra vaxtını keçirib əda etməyə. Və hər gün məsciddə əsnayi-moizədə Axund Molla Tağı deyərdi ki: “Həqq-taala cəlli-cəlala buyurur ki, duzəxdə bir ilan var ki, uzunluğu altmış fərsəxdir. Və o ilanın ağzına bir möhr vurulub ki, bir nəfər binamaz oraya gəlməyincə ağzını açmasın”. Qorxuları ondan idi ki, namazların cümləsini cabəca etməyib Allah-taala yanında şərmsar olalar. Bu surətdə ki, namaz sahibi öz müqəddəs kitabında açıqca əmr edibdir ki, “tətəcafa cünubihim ənilməzaci”; yəni onların, möminlərin qabırğaları isti rəxti-xabdan gecənin bir vaxtı şirin yuxudan ayılıb qalxacaqlar ki, namazlarını əda etsinlər, Allah-taalaya ibadət etsinlər. Pəs sən necə namazını keçirə biləcəksən? Və nə cürətin var keçirəsən? Onunçün də hər növ ilə olmuş olsaydı, mənim haman vətəndaşlarım və dindaşlarım labüd gərək namazlarını əda edə idilər. Əgər səhhət halında idilər, ayaq üstə gərək əda edə idilər; əgər bimar idilər, gərək oturduqları yerdə namaz qıla idilər. Və burada mənim yadımdadır ki, rəhmətlik dayım bir gün elə naxoş oldu ki, yerinin içində uzandığı yerdə istədi durub otura və zöhr namazını əda edə, durub otura bilmədi və oğlunu göndərdi Axund Molla Tağıdan məsələ eləsin ki, aya, onun təklifi nədir ki, otura da bilmir namazını qılsın? Axund Molla Tağıdan bir belə müxtəsər cavab gəldi ki, bir surətdə ki otura bilmir, caizdir ki, uzandığı yerdə “namazını qılsın”. Dayımın oğlu bu cavabı gətirəndə dayım uzanmışdı döşəyin üstündə və Axund Molla Tağının belə cavabını oğlundan eşidəndən sonra bir o tərəfə çöndü, bir bu tərəfə çöndü və oğluna dedi ki, saata baxsın, görsün saat neçədir. Günortadan iki saat yarım keçirdi. Və oğlu dayıma belə də dedi. Dayım güclə akoşqaya tərəf baxdı. Mən gördüm ki, günün nə vaxt olmağını təhqiq eləmək istəyir. Sonra genə bir o tərəfə-bu tərəfə vurnuxdu. Bir stəkan su istədi ki, içsin. Suyu verdilər. Suyu içəndən sonra bir salavat çevirdi və oğluna həzin səslə dedi: – Oğlum, qorxuram günorta namazını qəzaya qoyam, çünki yatdığım yerdə də deyəsən namazımı qılmağa taqətim yoxdur. Dur get, Hacı Molla Tağıdan mənim bu əhvalımı məsələ elətdir. Dayım oğlu durdu, getdi və övrəti Tükəzban, yəni mənim dayıcanım gəldi çökdü dayımın yanında və kefini soruşdu və dayıma turşulu aş təklif elədi. Dayım bilmirəm nə dedi və dayıcanım yorğanı örtdü dayımın üstünə və durdu, getdi. Ondan sonra yadımdadır ki, dayım övrəti Tükəzbanı çağırdı. Mən elə bildim ki, su istəyir, ya aşdan-yeməlidən bir şey istəyir. Amma bunlar deyilmiş. Tükəzban dayımın yanına yavıqlaşanda dayım övrətinə ancaq bunu dedi ki: – Ay qız, deyəsən, namaz qıla bilməyəcəyəm. Hələ məzəli dayım oğlumun Hacı Molla Tağıdan qayıtmağı və Hacı Molla Tağının cavabını dayıma yetirməyi və dayımın yatdığı yerdə namaz qılmağıdır ki, bunun tul təfsilini mən yadımdan çıxara bilməzdim; çünki yaddan çıxarmaq heç mümkün deyil. Dayıoğlum gəldi, salam verdi və diz üstə çökdü atasının yanında ərz etdi: – Ata, Hacı Molla Tağı buyurur ki, bir surətdə ki atan o qədər zəifdir və yatdığı yerdə də namazını qıla bilmir, onda sahibi-şəri-şərif bizə bu barədə müəyyən bir yol göstəribdir ki, o yol ilə əlbəttə, biz də gedək. Axund Hacı Molla Tağı mənim öz yanımda Seyid Məhəmməd Bağır Rəşti müctəhidin “Sual və cavab” kitabını açdı oxudu və hətta bir özgə müctəhiy din də risaləsini açdı və baxdı, mənə belə bəyan elədi ki, hər bir məriz, bir surətdə onun yatdığı yerdə də namaz eləməyə taqəti olmasa, labüddür ki, başı ilə işarə eləyə-eləyə namazını qılsın. Əgər başı ilə işarə eləməyə aciz olsa, o vaxt gözlərilə işarə eləyə-eləyə namazını qılsın gərək. Və əgər gözü ilə işarə eləməyə imkan olmasa, o vaxt namazın ibarələrini kifayətdir ki, xatirinə gətirə və beləliklə namazı öz könlündə gərək qıla. Dayıoğlum bu sözləri deyəndən sonra yazıq qoca dayım arxası üstə çöndü və gözlərini akoşqaya tərəf axıtdı və həzin səslə soruşdu: – Günün nə vaxtıdı? – Oğlu dedi ki: – Gün əyilibdir. Dayım burada öz-özünə bir-iki dəfə “Allahü əkbər” dedi və başladı öz-özünə dodaqlarını tərpətməyə. Dayıcanım qorxa-qorxa istədi ərinin yanına gələ, amma dayım acıqlı səslə “Allahü əkbər” deyib arvadı geri qaytardı. Burada məlum oldu ki, kişi Hacı Molla Tağının təliminə müvafiq öz könlündə namaz qılır. Burada bunu lazım bilirəm deyəm ki, mən o vaxtlar ancaq altı-yeddi yaşında ola bilərdim. Xalaoğlum Əhməd də mən yaşda idi. Biz hər ikimiz dayıoğlumun Hacı Molla Tağı tərəfindən gətirdiyi cavabları və dayımın namaz qılmağını görürdük. Dayım dodaqlarını tərpədə-tərpədə və gözlərini axıda-axıda namaz qılanda mən diqqətlə oturub bu işlərdən təlim alırdım; çünki mənim atam da və anam da dayım kimi dindar idilər və məni bərk-bərk Allaha, məscidə və ibadətə yavıq saxlardılar, onunçün də mən dayımın öz uzandığı yerində, göz-qaşla namaz qılmağına ehtiramla tamaşa eləyirdim. Amma xalaoğlum Əhməd dayımın namaz qılmağına istədi gülsün və dayımın və dayıoğlumun qorxusundan burada özünü saxladı. Bir qədər sonra həyətə çıxanda başladı dayımın namaz qılmağına lağ eləməyə. Mən genə dinmirdim; çünki bilmirdim mən də gülüm, ya Əhmədə acıqlanım. Amma elə ki, bicəngə xalaoğlum yıxıldı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə və gözlərini axıtmağa və hərdən bir həzin səslə “Allahü əkbər” deməyə, burada, doğrusu, mən də gülməyə başladım. Və sonra evimizə gedəndə anama Əhmədin cüvəllağılığını başladım nağıl eləməyə. Anam çox hirsləndi və Əhməddən xalama (Əhmədin anasına) şikayət elədi. Sonra bildim ki, Zəhra xalam oğlu Əhmədi belə qələtin üstündə bərk döyüb. O vədə Əhmədin döyülməyini mən, yeddi yaşında cəhənnəmdən qorxan bir uşaq təsdiq eləyirdim. Ancaq çox sonralar həmin işləri yada salanda başa düşdüm ki, Əhməd, dayımın o cür namaz qılmağını iztehza etməkdə çox və çox da haqlı imiş. Elə güman etmək lazım gəlmir ki, yuxarıda rəvayət olunan əhvalat nüdrətən ittifaq düşən bir işdir. Namazı belə səxtliklə əda etmək nə Hacı Tağının öz ixtirasıdır, nə də dayımın fövqəladə dinpərəstliyidir. O kəs ki, o vədələr məscidlərdə Hacı Molla Tağı, Molla Əli, Molla Kərim və bunlar kimi hədd-hesabsız vaizlər tərəfindən binamazlar və namaza ehmallıq göstərənlər barəsində moizələr eşidirdi, labüddür ki, o adam mənim dayım kimi dindar və cəhənnəm əzabından qorxan bir müsəlman olurdu. Və haman rəvayət etdiyim əsrin möminlərinin bir nümunəsi mənim haman rəhmətlik dayımdır ki, onun barəsində mən burada danışıram. Mənim yadımdadır ki, o vədələr məscid moizələrinin əksəri namaz barəsində olardı. Namazı öz vaxtında əda edənlərə huri və qılman vədə verəndə vaizlər binamazları və namaza kəmetina olanları hər cür qorxu ilə qorxudardılar. Hətta bizim məktəbimizdə Molla Bağırın bizə verdiyi dərslərin biri bundan ibarət idi. Molla Bağır bir gün bizdən sual etdi: – O necə əzabdır ki, həqq-taala binamazları mübtəla edəcəkdir? Yadımda deyil ki, biz nə cavab verdik. Amma axund Molla Bağır bizə çox hirsləndi. Dəftərimizə belə yazdırdı, dedi, yazın: – O şey ki həqq-taala tərk-səlatları, yəni binamazları mübtəla edəcəkdir, onlar on beşdir: onların altısı bu dünyanın cəzası, üçünü ölənə yavıq çəkəcəkdir üçünü qəbir evində çəkəcəkdir və üçünü qiyamətdə çəkəcəkdir. Diriliyində çəkdiyi altı cəzanın biri budur ki, binamazın üzündə nuri-Məhəmmədi olmuyacaqdır; ikinci, ömrü gödək olacaq; üçüncüsü onun malı artmayacaqdır; dördüncü, Allah-taala onun xeyratını qəbul etməyəcək. Xülasə, qəbir evində qiyamətədək əzab çəkəcək. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb var ki, onun başı yeddinci göyə gedib çatır. Və onun ağzı Məğribdən Məşriqə kimidir. Qiyamət günü haman əqrəb duzəxdən çıxıb bir şey axtaracaq. Ondan soruşacaqlar ki, nə axtarırsan? Əqrəb cavab verəcək ki, beş sinif adam var ki, mən onları axtarıram. Onların birincisi binamazlardır. Bunu lazımdır nəzərə almaq ki, bu moizələrin məzmununu müdərris Molla Bağır öz xəyalından düzəltmirdi; üləma və füzəlaların və müctəhidlərin kitablarından və risalələrindən əxz edirdi; necə ki, cəmi məscidlərdə söylənən moizələr, habelə məşhur islam “üləma”sının təvsirlərindən və risalələrindən əxz olunmuşdu. O vədə vaizlərin dilində söylənən üləmanın içində ən məşhuru Ağa Məhəmməd Bağır Məclisi müctəhidi-İsfəhani idi. Bunun adı məscidlərdə moizə əsnasında xeyli ehtiram ilə söylənərdi. Sonra şəriətdən söylənən moizələr çox vaxt Mirzə Əbülqasım Fazilin “Mürşidil-əvam” kitabına isnad verilərdi. Bunlardan da artıq mömin camaatımız içində şöhrət qazanmış şəriət kitabı Şeyx Bahəddinin “Camei-Abbas” kitabı idi ki, bu kitabdan o vaxt məktəblərdə bizlərə dərs də verilərdi. Genə haman yuxarıda adı zikr olunan müctəhid Məclisinin “Bist bab” və Seyid Məhəmmədbağır Rəştinin “Sual və cavab” kitabları dad-bidad eləyirdilər. Hər bir vaiz ki, əsnayi-moizədə toyuq səsi eşitməmiş, yəni xariqüladə (“damdan düşmə”) bir hədis söyləsə idi, bu kitabların nüfuzu ilə dediyi sözü bərkidib dəmir-daş eləyəcəkdi. O moizələrdən bir nümunə: – Hə, ey Allahın bədbəxt bəndələri! Siz bu sözləri səhl sayırsınız. Amma qulaq verin, görün, həmin “Şərhi-etiqad” kitabında kitab sahibi nə yazır? Yazır ki, bir gün olar ki, qiyam-qiyamət olar və cümlə namaz qılanlar məhşər ayağına dəvət olunarlar, orada hazır olarlar. Qiyamət gününün sahibi və rəsuli-xuda və onun vəli-vəsisi və Cəbrail və İsrafil və Mikail namaz qılanları oraya çağırıb onları imtahana çəkərlər və qıldıqları namazın adlarını onlardan sual edərlər... Hə, bilirəm, sən o vədə qabağa yeriyib deyəcəksən: “Nəm, mən cəmi namazlarımı öz vaxtında əda etmişəm. Hə, di söylə görüm. Bəli, sadalayacaqsan: namazi-yomiyyə, namazi-cümə, namazi-eydi-rəməzan, namazi-meyit, namazi-sogənd, namazi-əhd, namazi-nəzr, namazi-icarə, namazi-ayat, yəni zəlzələ namazı, qara yel namazı, qırmızı yel namazı, xüsuf və küsuf namazı, namazi-eydi-qurban, namazi-zifaf, namazi-Cəfəri-Fəyyar, namazi-filan, filan və filan. Bilirəm, bunların hamısını sayacaqsan. Amma vay o kəsin halına ki, qiyamət gününün şahidləri görələr ki, siz dalınıza alıb gətirdiyiniz namaz yüklərinin içində “namazi-nafileyi-nuzdəhhüm mahi-mübarəki-rəməzan” yoxdur! Haman namaz ki, altı yüz qırx dörd rükətdən ibarətdir. Hə! qılmamışsınız? Bu namazı niyə qılmamışsınız? O səbəbə ki, o gecəni yatmısınız, rahat rəxti-xab içində yatmısınız, yuxuda olmusunuz istəməmisiniz, özünüzü şirin yuxudan bidar eləyəsiniz, istəməmisiniz, isti yerinizi soyudasınız. Amma heyhat! Nə böyük qəflət! Məgər siz bunu bilmirsiniz ki, Həqqi-sübhan və taala öz məshəfi-şərifində buyurubdur ki, “tətəcafa cünubihim ənilməzacil”; yəni ey Məhəmməd, xəbər ver öz ümmətinə ki, gecənin yarısı olan zaman onların qabırğaları isti rəxtdən qalxsınlar və Allah-taalanın dərgahına üz çevirib ibadətə məşğul olsunlar. Gecə namazları Gecə namazları içində ən məşhuru və ən möhtərəmi və ən çox rükətlisi mahi-mübarəki-rəməzanın nafilə namazlarıdır ki, bu barədə gələn səhifələrdə Rəməzan ayının ibadəti dairəsində söhbət olunacaqdır. Amma mahi-rəməzanın nafilə namazlarından başqa, mənim vətənimin dindar müsəlmanlarını gecələr şirin yuxuya həsrət qoyan namazların biri də haman namazdır ki, hər kəs onu əda etsə, həzrət rəsulu yuxuda görə bilər. Bu namazı mənim yanımda gecələr dayım, ata-anam və qonşularım o qədər qılardılar ki, uşaq vaxtı Molla Bağırın məktəbinə dərs oxumağa gedəndə, Molla Bağır bu barədə məni imtahana çəkərdi və mən bu namazın təfsilatını ona dərs vaxtı cavab verəndə, Molla Bağır mənə belə xeyir-dua edərdi: – Xoşa sənin valideyninin halına ki, səni bu sində pak olan şəriətin ehkamına vaqif edirlər və səni bu sindən ibadətə və razi-niyazə mötad edirlər! Xoşa sənin də halına!.. Hə, bala, de görüm, peyğəmbəri yuxuda görməyin şəraiti nədən ibarətdir? Əvvəl mən yoldaşlarımdan həya edib istərdim cavabı müxtəsərcə qurtaram və qısaca deyərdim: – Dörd rükət namazdan. – Yox, yox! Bu olmadı. Sözü açıq söylə ki, yoldaşların görsünlər ki, sən necə qoçaqsan. Və axund Molla Bağır məni məcbur edərdi ki, cavabı müfəssəl edim. Mən də başlardım müfəssəl rəvayəti və atamdan və dayımdan və qohumlarımdan min dəfə eşitmişdim ki, həzrəti-imami-Cəfər əleyhissəlamdan mənquldur ki, hər kəs istəyə həzrəti-rəsuli-xudanı yuxuda görə, xiftə namazından sonra gərək qüsl eləyə və dörd rükət namaz qıla. Bu şərtlə ki, hər həmddən sonra yüz mərtəbə “ayətəl-kürsü” oxuya və namazdan sonra min dəfə salavat göndərə Məhəmmədə və ali-Məhəmmədə. Və yüz mərtəbə “sübhanallah, vəlhəmdülillah və lailahə-illəllah vallahü-əkbər” oxuya və lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim...” və yüz dəfə maşallah və genə min dəfə nə oxuya və genə yüz dəfə, genə neçə dəfə və ilax... Əgər həmin namazı və bundan savayı də şam namazını, xiftə namazını və xüsusən mahi-mübarəki-rəməzanın gecələr qılınan nafilə namazlarını nəzərə alsaq, onda mənim bu sözümə heç şəkk eləmək olmaz ki, mən rəvayət etdiyim həmin əsrin dindar müsəlmanlarını həmişə gecələr namaz qılan görmüşəm. Xoşbəxt Allah bəndələrin gecələri sübhədək gah qədr gecəsini axtararlardı, ya da Məhəmməd peyğəmbəri yuxuda görmək istərlərdi. O yerə də gəldikdə ki, aya, görərdilərmi peyğəmbəri, ya tapardılarmı qədr gecəsini, – bu barədə gələn səhifələrdə də danışacağıq. Və o sözlərlə ki, mən namaz söhbətlərini başlamışam, o sözlərlə də namaz söhbətlərini burada tamam edirəm: “O qaranlıq dünya ki, mən birinci dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həmə vaxt gecə və gündüz namaz üstə görmüşəm. Allahü əkbər, Allahü əkbər”... Gündüz “Allahü əkbər”, gecə “Allahü əkbər”. İndi burada bir sual ariz ola bilər: aya, onlar pəs nə vaxt kəsbi-karə məşğul ola bilirdilər? Nədən ibarət idi o vaxt mənim vətəndaşlarımın kəsbi-karı, məşğələsi? Bəndənin cəmi söhbətləri o vaxtın məhz şəhər əhlinin söhbətidir. Və rəvayət olunan əhvalat məhz şəhər dairəsindədir. Və yadımda qalan budur ki, gündüzlər hacı, məşədi və kərbəlayılar dükanlarında diz üstə, əli təsbehli, tərəzinin dalında oturub müştəri gələndə ona çəki çəkirlər və mal satırlar, arşın ölçürlər və parça satırlar. Elə ki, müştəri rədd olur, təsbehi götürüb Allahı çağıra-çağıra təsbeh çevirirlər; ta o vaxtadək ki, müəzzin minarədən azan çağıracaqdır: “Allahü əkbər”. Haman müqəddəs tacir, haman təkbiri təkrar edəcək: “Allahü əkbər” və duracaq ayağa, ya dükanın qapılarını bağlayacaq, gedəcək məscidə namaz qılmağa, ya namazını haman oturduğu yerdə dükanda əda edəcək. Əgər azanı eşidən vaxt dükanın qabağında müştəri vardır, bizim müqəddəs tacirimiz məhz “Allahü əkbər” deməyə iktifa edib, müştəriyə məşğul olacaq ki, bunu yola salandan sonra namaza şüru etsin. Azan–namaz dəsgahında ən möhtərəm və iman əhlinin hər gün və hər saat ən dərin qəlbinə daxil olan bir mücdədir. Azan – qəlbiqaraları dirildən bir sədadır. Azan cəmaəti-müslimani namaza dəvət edən təkbir və şəhadət kəlmələridir: “Allahü əkbər, Allahü əkbər, əşhədü ənna lailahə-illəllah... Əşhədü...”. Azan demək, azan çağırmaq – namaz qılmağa bərabər savab bir ibadətdir. Azanın feyzi bəlkə dəxi də artıqdır. Zira azan ilə müəzzin min-min cəmaəti-müslimini namaza dəvət edir. Azanı ucadan və sövtlə çağırarlar. Onunçün də rəsmdir ki, müəzzin, səsi xoş şəxslərdən olur. Azanı çağırmaq hər bir mömin bəndə üçün savabdır. Onunçün də namazın vaxtı çatan kimi sübh vaxtı, zöhr vaxtı, şam vaxtı minarələrin və hətta damların üstündə müəzzin əllərini qulaqlarına qoyub, üzlərini asimana, Allah tərəfinə tutub azan çağırırlar. Azanı eşidən tək, cəmi müsəlmanlar həmin dəqiqə hərəkətə gəlirlər: “lailahə illəllah, Mühəmmədun rəsulillah, Əliyyən vəliyüllah, həqqən-həqqa”. Azanı eşidən müsəlman bəndəsi elə bir şövqə gəlir ki, özü də özünü həmin müəzzinə iqtida etmək, özünü ona oxşatmaq arzusunda olur. Ələlxüsus, o kəslər ki, onların tilavət etmək, yəni ibarəni oxumağa onların səsləri vardır; çünki savabından başqa burada xalqın nəzərində özünü göstərmək də vardır, bəlkə, lovğalanmaq məsələsi də vardır. Günorta (nisfün-nahar) olan kimi minarələrin və damların üstündə müəzzinlər səs-səsə verirlər. Azan verənlərin çoxu ən dindar məhəllələrdə olardı. Hətta bazar içində, çarsulardan da azan səsi gələrdi; çünki hər bir məkanda hər bir mömin Allah bəndəsi tərəfindən azanı tilavət etmək, həmə vaxt savabdır. Onunçün bu barədə İran məmləkətində, yəni Allah-taalanı yada salmaqda birincilik qazanmış mömin iranlılar içində necə ki nəql edirlər və necə ki bəndə özü şahid olubdur, – müəzzinin “Allahü əkbər” sədasını eşidən tək hər yerdə, – xah evlərdə və xah küçə və bazarda, – hər bir müsəlman haman getdiyi yerdə dayanıb, bəlkə, hərəkət edə-edə azan çağırır. Buradan azanın cəmaəti-müslimin içində ehtiramı barəsində bir haşiyə çıxmağı lazım görürəm. Tarixi-isəvinin min doqquz yüz iyirminci ilində, Təbriz şəhərində olduğum zaman orada bazar içində çarsuda mən özüm görmüşəm ki, bir nəfər müştəri papaqçı dükanının qabağında durub papaq alır. Papaqçı taxçadan papaqları bir-bir götürür və müştəriyə nişan verir. Günorta zamanıdır. Bu heyndə minarədən azan səsi gəlir. Papaqçı ələlfövr oturduğu yerdən durur ayaqa, üzünü dükanın içərisində qibləyə tərəf çevirir, sağ əlini sağ qulağına və sol əlini sol qulağına qalxızır və uca səslə başlayır azanı: “Allahü əkbər”. Müştəri də “Allahü əkbər” deyib oturur yerə və dükançının əzanını qurtarmağına müntəzir olur, ta ki, dükançı azanı axıra yetirir və “lailahə illəllah” deyib təsbehi cibindən çıxarır və saqqalını tumarlaya-tumarlaya öz ticarətinə şüru edir. Mən Təbrizdən savayı İranın qeyri şəhərlərində olmamışam. Amma elə ki danışırlar, hələ dünyanın indiki əsrində İsfahanda, Şirazda və sair böyük şəhərlərdə, nisfün-nahar zamanı – ki, günorta olur və zöhr namazının vaxtı gəlib çatır, – minarələrdən müəzzinlər azanı çağıran kimi küçə və bazarda əhali, hər bir kəs oturduğu yerdə, ya küçə ilə getdiyi yerdə uca səslə azan deyir. Haman min doqquz yüz iyirminci ildə ki, mən Təbriz şəhərində var idim, – Mirzə Məhəmmədəli Natiq nam mənim tanışım təzəcə Şiraz şəhərindən Təbrizə gəlmişdi. Əsnayi-söhbətdə Mirzə Məhəmmədəli Natiq Şirazın mömin müsəlmanlarının dindarlığından belə rəvayət edirdi: Mirzə Məhəmmədəli Natiq söyləyirdi ki: – Bir gün mən Şiraz şəhərinin bazarında nəyəsə məşğul idim. Günorta vaxtları idi və çün bu şəhərdə olduğum birinci dəfə idi və buraların adətinə aşina deyildim, burada bazarda olduğum zaman birdən bir mərəkəyə düşdüm və hətta xeyli qorxdum da: burada əvvəl qabaq uzaqdan azan səsi eşitdim və haman anda bazar əhli hər bir kəs fərdən-fərd dükanda oturduğu yerdə qalxdı ayağa və başladı azan deməyə. Beləliklə, bazarda bir səs-küy qopdu ki, mən xeyli təəccüb elədim. Söz yox, burada belə camaat azana adət etmiş və mən görürdüm ki, məndən savayı bir kəs yoxdur ki, bu işə təəccüb edə; yəni doğrusu, təəccüb etməyə vaxtları ola bilməzdi; səbəb bu ki, hamı azan deyirdi. Hamısından məzəli budur ki, mənim gözümün qabağında bir hambal, dalında bir yekə və ağır tay, iki qat əyilib başı aşağı azan çığıra-çığıra gedirdi. Azanı deyib qurtarandan sonra camaat, söz yox, başladı namaza hazırlaşmağa. Kimi öz dükanında və kimi başladı dükanını çəkib bağlamağa ki, gedib məscid namazını əda eləsin. Şiraz müsəlmanlarının belə hirs ilə namaza hazırlaşmağı, demək olar ki, indi gözümüzün qabağında hazırda müşahidə olunur. Mənim də uşaqlıq əsrimin qaranlıq günləri bundan əlli il qabaq idi. Şirazın müsəlmanlarının dindarlığından bir-iki sətir rəvayətin bir böyük mənası var. Mənası budur ki, əlli il bundan qabaqkı müsəlmanlıq dəliliyilə əsri-hazırımızda haman Şiraz, ya qeyri bir islam camaatının dəliliyində heç fərq yoxdur. Hər nə təfavüt görməli olsaq, genə bundan sonra görməli olacağıq. Və hər nə ümid varsa, bundan sonra olacaqdır. Əvvəl və axır ümidimiz genə sosializm inqilabınadır. Əvvəl və axır ümid onadır ki, həmin sosializm bayrağı altında və sosializm şüarı təhtində islama sitayiş edən millətlər (və habelə qeyri dinlərə sitayiş edən millətlər) dünya elmlərini təhsil edib və cəmi din və dinçilərin mövhumat və xurafatından agah olub birdən-birə azandan da əl çəkələr, müəzzindən də əl çəkələr və namazların cümləsini – vacibi namazları da, sünnəti namazları da, ağ yel və qara yel namazlarını da və cəmi nafilə namazlarını da – bir çuvala doldurub Araz və Kür daşan zamanı suya axıdalar, qoysun getsin işinə. Bununlamı qurtarır namaz büsatı? Pəs namazın müqəddəmatı? Pəs vüzu (dəstəmaz) məsələsi? Pəs mütəhhirat məsələləri? Qüsl və təyəmmüm təfsilatı?! O kəs ki Camei-Abbas kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. Bunu o kəs başa düşə bilər ki, əlli il bundan qabaq “Came” kitabını mən biçarə tək mədrəsədə gündüzlər təhsil edəndən sonra axşamlar valideyni və qohum-əqrəbası tərəfindən həyata tətbiq etmək məcburiyyətində olubdur. Tək bircə dəstəmazın (ərəbcə vüzuun) macərası “Şahnamə”dən tul və təfsillidir... Hər kəs Mirzə Əbdül Qasım müctəhidin “Murşidil-əvam” kitabından xəbərdardır, o, bircə o bilər ki, namazın müqəddəmatına iman sahibi müsəlmanlar nə qədər vaxt sərf edə idilər gərək (necə ki, indi də edirlər). Qüsl, təyəmmüm, adabi-təharətxana, nəcasatın qismləri, mütəhərratın qismləri, dəstəmazın adabı... Ağlınıza nə gəlir, asandırmı, məsələn, dəstəmaz almaq? Əgər sən desən asandır, mən səndən sual edərəm ki, əlləri nə cür yumaq lazımdır? Yəni mirfəq məsələsini (dirsək məsələsini) sən bilirsən, ya yox? Yoxsa bunu səhl sayırsan? heç eşitmisənmi ki, bu barədə neçə-neçə məclislərdə, məhfillərdə, üləma va füzəla mabeynində qurtarmayan mübahisə və bəlkə münaqişələr üz veribdir? Asanmı sanırsan dirsək məsələsini? Əgər yadıma gələn bir əhvalatı burada söyləsəm, ola bilər ki, sən gülünc hesab edəsən. Amma bunu lazımdır bilmək ki, o vədə mömin vətəndaşlarımın ibadət və riyazəti həmin sən gülünc saydığın məşğələlərdən ibarət idi. Bir gün gedirdim məktəbə dərsə. Şəhərimizin Zaviyə məscidinin qabağında bir neçə şəxs əyləşmişdilər; ikisinin ismi-şərifləri yadımdadır: Hacı Nəcəf və Hacı İmamqulu. Qalan iki-üç nəfər də mənim məhəllə əhllərim idi; amma adları yadımda qalmayıbdır. Hacı İmamqulunun sol əli dirsəyə kimi çirməkli idi. Hacının qıllı qara əli bu saat yadımdadır. Qalan möminlər Hacı İmamqulunun başına doluşub dirsəyinə baxırdılar. Mən də yavıq getdim. Məlum oldu ki, burada vüzu məsələsini həll edirlər ki, aya, barmaqları dirsəyin harasından qoyub yumaq lazımdır və əlin neçə barmağını dirsəyin üstə qoymaq lazımdır? Və Hacı İmamqulu sağ əlinin, bilmirəm, neçə barmağını qoymuşdu sol əlinin dirsəyinin üstə və özü də başını əymişdi diqqətlə öz dirsəyinə tamaşa edirdi. Möminlərin biri deyirdi: – Yox, yox! Hacı Ağa, səhvin var, Ağayi-Cəbəli belə fərmayiş etməyibdir. Gərək barmaqlarını belə qoyasan. Bu sözləri deyəndən sonra həmin mömin, çün Hacı İmamqulu onun təklifinə əməl eləmədi, öz sol əlini çirmədi və sağ əlini dirsəyinin üstə qoyub dedi: – Bax, belə lazımdır. İndi də tamaşa edən möminlər bunun başına doluşdular və bunun dəstəmaz təliminə qulaq asdılar. Möminlərin bir-ikisi “bəli, belədir” deyirdi; amma o biriləri razı olmurdu. Çün dərsimin vaxtı keçirdi, mən getdim məktəbə. Günortadan iki, ya üç saat keçmiş qayıtdım və gördüm ki, həmin möminlər, yəni Hacı Nəcəf, Hacı İmamqulu və qalanları haman Zaviyə məscidinin səkisində, haman yerdə oturublar. Yenə yavıq getdim və indi də gördüm ki, Hacı Nəcəf dəstəmaz məşqi eləyir; yəni sağ əlini çirməyib, sol əlini qoyub dirsəyinə və dəstəmaz alan kimi dirsəyini sığallayır. Qeyri möminlərin yenə kimisi deyir: “Bəli, bəli, belədir”, amma qalanı deyir: “Xeyr, Ağa Bağır Məclisi belə fərmayiş etmir”. Yadımdadır ki, mən məktəbə getməyimlə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən beş saat. Yəni tamam bu beş saatın ərzində mənim haman müqəddəs vətəndaşlarım burda əyləşib məhz bu məsələnin həllinə məşğul idilər ki, aya, dəstəmaz alan zaman sol əlin barmaqları sağ əlin dirsəyinin harasını yusun gərək. Və bu barmaqları beləmi tutmaq lazımdır, ya eləmi tutmaq icab edir? O vaxt mömin din qardaşlarımı həmin dini məşğələlərinə bir oturuma beş saat sərf edən görəndə və qeyri ibadət və riyazətlərinə genə çox-çox saatlar sərf edən görəndə, dəxi bir məsələyə diqqət verə bilmirdim ki, pəs onlar əmri-məişətləri üçün ruzi qazanmağa hansı vaxtlarını və günün və ya gecənin hansı vaxtını sərf edirlər. Amma o vədənin işlərini indi, əlli il sonra yada salanda bu saat heç başa düşə bilmirəm ki, gecə-gündüzün iyirmi dörd saatını da cənnətin açarını axtaran mənim vətəndaşlarım o vaxtlar çörəyi haradan və nə vaxt qazanırdılar. İftar vaxtı o müsəmma plovları, yanındakı xuruşlar və həlviyyatı ilə haradan və nə zaman təhsil edirdilər? Pəs o vədənin mömin hacı və məşədilərinin şəriətbazlıqlarının şahidlərinin biri də mən idim və məndən savayı, söz yox, cəmi mən tək məktəb şagirdləri və küçə uşaqları idi. Və hərçənd mən on üç yaşında bu müqəddəs torpaqdan qopub qeyri millətlər içinə təhsil üçün göndərildim, amma on [üç] yaşa kimi orada ata və anamın vətənində, məscidlərdə və minbərlərdə, mədrəsələrdə və məclislərdə şəriət-mədarlardan və fazillərdən aldığım tərbiyə ona kifayət idi ki, on üç sində mən bəzi sirlərdən agah olam. Və elə ki, mən on üç sində buradan qopub getdim, getdim qeyri bir məmləkətə və bir ildən sonra yay tətili zamanı qayıdıb müvəqqəti olaraq vətənimə qayıtdım, o vədə on dörd yaşındakı yoldaşlarımın çoxunu təəhhül edən gördüm. Və heç də burada təəccüb yeri yoxdur; o səbəbə ki, məni və mənim sindaşlarımı yeddi-səkkiz yaşından başlamış – məscidlərdə vaizlər, məktəblərdə əmmaməli müdərrislər və evlərimizdə mömin dayılarımız cidd-cəhdlə şəriətin cəmi məhrəmani ehkamına vaqif ediblər. Məktəbdə aldığımız dərslərdən biz səkkiz-doqquz yaşında təharətxanaya daxil olub oranın emalını, heyz və nifas məsələlərini və hətta mücamiət qanunlarını əzbərləmişdik. Və mən ki on üç yaşında bu müqəddəs torpaqdan çıxdım getdim, onunçün də həmin “ülum və fünunu” bir növ unutdum və ola bilər ki, müsəlmançılıqdan da bir qədər uzaq düşdüm. Və məndən sonra vətənimdə qalan mənim sindaşlarım bir neçə il ondan sonra hərəsi on beş-on altı yaşında, bəlkə bir parası da ətəbati-aliyat ziyarətinə müşərrəf olmuş və bəhər-hal, hərəsi bir əhli-əyal sahibi, mömin, saqqallı və uca papaqlı bir mömin Əli şiəsi idi. Bunların ən zəkavətliləri, fitrətən pak qəlbliləri, dua və sənaya mailləri və Əli dostları [idi] bunlardan da haman tələbə dəstələri təşkil olunurdu ki, Bağdad və Nəcəfül-əşrəf darülfünunlarına müşərrəf olub, bir neçə ildən sonra fiqh və üsul və qeyri şəriət elmlərini ikmali-təhsil edib, vətənə qayıdırdılar ki, balaca uşaqlara yeddisəkkiz yaşından beytülxəla əhkamını və heyz və nifas məsailini və şəriətcə mücamiət əhkamını əsnayi-vəəzdə təlim etsinlər. Sövm – orucluq Küfr, nasəza danışmaq hərgiz heç bir kəs üçün rəva deyil, amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam... Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. Haman günlər ki, mən yay fəslində üzü üstə zirzəminin rütubətli, amma sərin yataqlarına üzü quylu sərilib və dilimi ağzımdan bir qarış da çıxarıb axşam azanını gözləyirəm. Gözləyirəm ki, müəzzin “Allahü əkbər” sədası ilə camaata su içməyə və çörək yeməyə izin versin. Bir yanda rəməzan söhbəti düşəndə mənim uşaqlıq günlərim yadıma gəlir. Haman günlərim ki, yeddi-səkkiz yaşında valideynim mənə oruc tutdurardılar. Mən yeddi-səkkiz yaşında olan vaxtlar Rəməzan ayı yay fəslinə düşərdi. Yay günləri on səkkiz saat olardı. Mənim vətənim isti yerdir, arandır və yay vaxtı mənim vətənimin xanları və əyanları yaylaqlara gedərdilər. Şəhərdə qalardı şəhərin əsnafı və füqə-rayi-kasibəsi. Və məlumdur ki, əsnaf və kəsəbə əhli-çün həmişə ruhanilərin itaətində olublar, – bu cəhətdən ibadətə də mail olublar. Mən necə ki, bir kasıb ailənin uşağı, demək, uşaqlıqdan gözümü açıb ata və anamı din və şəriət içində görmüşəm, din və şəriətə qulluq edən görmüşəm, dinə və şəriətə qul görmüşəm... Və xülaseyi-kəlam, uşaqlıqda, əlli il bundan əqdəm, yeddi-səkkiz sində olduğum vaxt, rəməzanal-mübarək ayının on səkkiz saatdan ibarət olan günlərini oruc tutmuşam və məndən savayı şəhərimizin mən sində olan uşaqlarının çoxunu özüm kimi oruc tutan görmüşəm. Nədir bunun mənası? Yəni necə oruc tutmuşam? Bunun mənası budur ki, mən biçarə, yeddi-səkkiz yaşında bir uşaq, yay zamanı, sübh açılmamış, azandan da qabaq, obaşdanlıq (sühür) minacatı verilən kimi yuxudan ayılıb yerimdən durmuşam və az-çox çörəkdən, axşamdan qalmış pişmişdən xahi-nəxahi, könülsüz və iştahasız yemişəm və müəzzin sübh azanını çağıran kimi durmuşam ayağa, iki rükət sübh namazını qılıb yatmışam, ta günortaya bir saat qalanadək, Günorta azanı deyilib, genə dəstəmaz və nanaza məşğul olmuşam. Bunu da tamam elədim. Sonra dəxi nə eləyim? Yavaş-yavaş aclıq və susuzluq mənə kar eləyir. Nə eləmək? Bikarlıqdan götürmüşəm Quranı, bir qədər ondan oxumuşam, ta yorulanadək. Bundan da doydum və yoruldum. Dəxi nə eləyim? Hava çox isti, dodaqlarım susuzluqdan quruyubdur. Amma çarə yoxdur. Orucu yemək heç fikrimə də gələ bilməz. Hələ saat dörddür; hələ axşama dörd saat qalır. Xahi-nəxahi gərək dözəsən və səbr edəsən. Durub gedirsən məscidə ki, vaxt bir az da keçsin. Orada Axund Molla Tağı moizə eləyir, rəməzanül-mübarək ayının şərafətindən danışır: sövmün şəraitindən və qəvaidindən danışır, mahi-mübarəkin əmalından danışır və axırda moizəsini belə tamam edir: – Həzrət imam Cəfər Sadiqdən mənquldur ki, mahi-mübarəki-rəməzanda hər namazdan sonra bu duanı oxumaq fərzdir: “Ya Əliyyü ya Əzim, ya Gəfurü ya rəhim, əntə rəbbiyyül-əzim... Əlləzi...“. O minbərdən dedikcə camaat da onun dalıyca təkrar edir. Məsciddən çıxıb gəlirəm evə. Gün hələ batmayıbdır. Hava o qədər istidir ki, nəfəs almaq mümkün deyil. Dodaqlarım yanır, boğazım quruyur. Hamamın qabağına “qırna”dan su axır. Suçular tuluğ dallarında, oradan su doldurub aparırlar. Duru bulaq suyu dəmir lülədən şırıltı ilə axıb tökülür daşların üstünə. Amma heç kəsin cürəti yoxdur haman sudan içsin; çünki indi mahi-mübarəki-rəməzandır. İndi dodaqlar gərək quruya; onunçün ki, mahi-mübarəki-rəməzandır. İndi susuzluqdan boğazlar gərək quruya; səbəb bu ki, indi mahi-mübarəki-rəməzandır. İndi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən-axşamadək “ləbbeyk” deyib susuzluqdan od tutub yana; o cəhətə ki, indi mahi-mübarəki-rəməzandır. Nəyə, nə səbəbə? Və kimə lazımdır sənin bu susuzluğun? O vədə heç kəsə bu sualı vermək olmazdı. O vədələr heç bir müsəlman bəndənin fikrinə gələ bilməzdi ki, yeddi yaşında bir uşağın on yeddi saat ac və susuz qalmağı, bəlkə, heç bir kəsə lazım deyil; o səbəbə gələ bilməzdi ki, yeddi yaşında uşağa oruc tutmağı vacib edən şəriət özüdür, necə ki, bu barədə Ağayi Məclisinin “Bist bab” və qeyri müctəhidlərin risalələrində və hətta məktəblərdə dərs kitabı hesab olunan “Camei-Abbas”i – Şeyx Bəhaəddində müəyyən olunubdur. Dəxi burada qeyri bir şəkk və şübhə yeri ola bilməzdi. Ancaq yadımda qalan budur ki, uşaqların böyükləri ilə təfavütü bu idi ki, uşaqlara məhz Rəməzan ayının orucunu tutdurardılar və neçə-neçə vacibi və sünnəti namazlardan biz uşaqlar azad idik. O ki qaldı böyüklər, mən indi bu saat gözlərimi yumub yenə diqqəti-tam ilə huş-guşumu verirəm keçmiş günlərə, xəyalıma gətirirəm mənim uşaqlıq əsrimin cəmaəti-müsliminini və yenə artıq diqqət və huş-guşla qulaq verirəm keçmiş günlərə. Və hər bir kişi və övrəti, qohum və qardaşı, hacı, kərbəlayıları, – hələ mollaları demirəm, – mən o camaatın hamısını il uzunu oruc tutan yadıma salıram, orucağız yadıma salıram. Bunun səbəbi bu idi ki, otuz gün rəməzani-mübarək ayından başqa o vaxtın mömin müsəlmanları şəriətdə təyin olunan nəinki vacibi ruzələri, bəlkə sünnəti oruc günlərini də oruc tuturdular. Məlumdur ki, şəri-şərif mucibincə səkkiz ədəd vacibi ruzə təyin olunubdur və hədsiz sünnəti ruzə yazılıbdır. Hədsiz deyəndə həqiqətdə sünnəti oruclar o qədərdir ki, Bəhaəddin Amili öz “Camei-Abbas” kitabında sünnəti oruc günlərindən söhbət açıb yazır ki, bu qism oruclar o qədər çoxdur ki, onların adı “Camei-Abbas” kitabına sığışmadı. Bununla bərabər şəriətmədari-mərhum və Məhəmməd dininin qanunlarının ravii-möhtərəmi öz kitabında haman sünnəti orucların iyirmi qismini təfsilən sadalayır. Amma kitab sahibi fazil Bəhaəddin Amili ancaq bircə şeyi unudubdur və elə bir qələt edibdir ki, burada bir böyük məzhəkə törəyir. Söhbət burasındadır ki, “Camei-Abbas” kitabında rəvayət olunan vacibi oruc günlərinin üstünə sünnəti oruc günlərini qoysaq və ilin müddətini üç yüz altmış altı hesab etsək, o vədə baxıb görəcəksən ki, “Camei-Abbas”ın orucluq günləri üç yüz altmış altıdan da bəlkə artıq oldu. Elə müxtəsərcə belə hesab edək: başı daşlı mömin islam ümməti otuz gün orucunu tutan zaman gedirdi məscidə və vaizlərdən orada eşidirdi ki, otuz gündən başqa müsəlman ümməti üçün dəxi də vacibi və sünnəti oruc yazılıbmış. Vacibi oruclar: 30 gün rəməzani-mübarək, bunların qəzası, meyitin icarə ruzəsi, atadan qalma qəza orucu, nəzir və and orucu, kəffarə orucu, etikaf orucu, dümahə orucu. Bunlar vacibi oruclardır. Qaldı sünnəti oruclar, mövlud orucu, məbəs orucu, eydi-qədr orucu, hər ayın üç günü orucu, ərəfə orucu, mübahilə orucu, təsəddük orucu, otuz gun şəban ayının orucu, dəhvəl-ərz orucu, hər ayın əvvəlinin orucu, aşura orucu, və hər cümə günlərinin orucu, mahi-zilhiccənin səkkizinci gününün orucu, eydi-rəməzandan sonra altı gün şəvval ayının orucu, filan, fnlan... Necə ki, “Camei-Abbas” kitabı o orucları sayıb axıra çıxa bilmir, biz də “Camei-Abbas” yazdığı orucların üçdən bir hissəsini burada ancaq saydıq ki, oxuculara artıq dərd-sər olmasın. Burada zikr olunan orucluq günlərini mənim mömin vətəndaşlarım cümləsi oruc tuturdular. Əlbəttə, o vədə bu camaatın oruc olmayan günləri də olurdu; bu da o günlər olurdu ki, haman gün oruc tutmaq batildir; necə ki, eydi-mahi rəməzan günü, eydi-qurban günü və bir neçə belə-belə günlərdir ki, o gün müsəlman ümməti oruc tutsa, o oruc nəinki qəbul olunmaz, bəlkə, belə orucun kərahəti də vardır. Mənim o qaranlıq vətənimdə hələ Rəməzan ayından qabaq, hələ Rəməzan ayı daxil olmamış, mömin vətəndaşlarım bütün şaban ayını oruc tutardılar; o vədə mənim əhli-iman vətəndaşlarımın sövmü-səlata həvəsləri gör nə mərtəbədə idi ki, şəbanül-müəzzəm ayını oruc tutmaq ilə, rəməzanəl-mübarəki tamam bir ay qabaq istiqbal edərdilər. Bütün şaban ayı dayımı oruc tutan yadıma salıram. Atam, anam, bibi və xalam, qohum-əqrəbam, qonşularım və rast gəldiyim şəhər əhli şaban ayından oruc tutmağa başlardılar. Hətta dayım məni və xala oğlum Əhmədi də oruc tutmağa dəvət edərdi. Mən, yadımdadır, bir neçə gün tutdum, amma Əhməd tutmadı. Sonra dayımın mənə rəhmi gəldi, ya nədənsə, artıq təkid eləmədi. Amma atam şaban ayının bəzi günlərini oruc tutmazdı və onunçün də mənə bir söz deməzdi. Bununla bərabər, şaban ayının ruzəsinin feyzi barəsində məscidlərdə vaizlər tərəfindən ciddi təbliğat aparılırdı. Və heç bir gün olmazdı ki, dayım, ya atam məsciddən evə gələndə bizə və qeyri oruc tutmayanlara məzəmmət eləməsin. Bir gün dayım, Axund Molla Tağının moizəsindən evə təzəcə gəlib anama və biz uşaqlara xəbər verdi ki, biz doğrudan da, erməniyik, müsəlman deyilik. Və başladı nağıl eləməyə ki, bu gün Axund Molla Tağı deyirdi ki, şaban ayında oruc tutmayanlar sirat körpüsündən keçəndə məlum deyil ki, o körpü titrəyəcək, titrəməyəcək. Və şayəd xudavəndi-rəhimin o bəndəyə rəhmi gələ və şayəd rəhmi gəlməyə, səbəb budur ki, xudavəndi-ərrəhmanir-rəhim haman gün sənə deyəcək ki, necə insafın qəbul etdi ki, şəbanül-müəzzəm ayını sən oruc tutmaqdan özünü kənarda saxladın. Bir surətdə ki, bu ay, doğrudur, ruzə saxlamaq üçün vacib təyin olunmayıbdır və lakin bu imtahandır ki, xudavəndi-təbarək və taala öz mömin bəndələrini imtahana çəkmək istəyir. Onların zöhd və təqvasını mizana vurmaq istəyir. Vay, vay! Dəxi ermənidən sizin fərqiniz nədir? Bir gün dayım – şaban ayının bilmirəm neçəsi idi, – gəldi bizə, dəstəmaz aldı və namazını qıldı və salamdan sonra başladı öz-özünə istiğfar etməyə: “əstəğfürullah və əsəlhüt-tövbə”... Bir neçə dəfə bu duanı oxuyandan sonra, çevirdiyi təsbehinin bir yerində barmağını saxladı və anamı çağırdı və dedi: – Bu gün Hacı Molla Tağı məsciddə moizə eləyir və deyirdi ki, “Müftahi-cinan” kitabında yazılıbdır ki, hər kəs şaban ayında yetmiş dəfə istiğfar duasını oxuya, nə qədər günah eləmiş olsa, cəhənnəm odu onu yandırmayacaq. Və bunu deyəndən sonra gözlərini yumdu, üzünü göyə tərəf tutdu və başladı deməyə: “əstəğfürullah və əsəlhüt-tövbə, əstəğfürullah və əsəlhüt-tövbə”... Dayım bu duanı oxuduqca anam da onun dalıyca deyirdi. Bunlar bu duanı on-on beş dəfə ancaq oxumuşdu. Dayım birdən gözlərini açdı və anamdan soruşdu: – Ay qız, bu gün orucsanmı? Anam utana-utana qardaşına cavab verdi və üzr istədi ki, oruc deyil və orucu tutmamağına bilmirəm nə səbəb gətirdi. Onu da ərz eləyim ki, anam bəlkə dayımdan da pəhrizkar idi. Bə əgər o gün oruc deyilmiş, yəqin ki, bir şəri üzrü var imiş ki, o üzrü də indi dayımın yanında gətirdi. Buna baxmayaraq, qoca və hirsli dayım haman oturduğu yerdən durdu ayağa, bir söz demədi, təsbehini qoydu cibinə və dinməz-söyləməz acıqlı çıxdı qoydu getdi. Şabanın on beşinci gecəsi – ki, farsca nimeyi-şəban adlandırırlar, mömin bəndələr üçün bir qiyamət gecəsi idi. Mənim yadıma gəlmir ki, yeddi yaşından başlamış, ta on üç yaşadək nimeyi-şəban gecəsini ta axşamdan səhərədək şirin yuxu yuxulamış olam. Nimeyi-şəban gecələri evlər bir məscidə təşbih olardı. Ələlxüsus bizim evimiz; ələlxüsus dayım bizim evimizdə olan gecələr. Nimeyi-şəban... Necə ki, o vədlər, habelə indiki əsrdə də, cəmaəti-müsliminin on əziz ayı rəməzanül-mübarəkdən sonra şaban ayıdır; çünki həzrəti-rəsuli-xuda özü buyurubdur ki, Rəməzan ayı Allahın ayıdır, amma şaban ayı mənim ayımdır. Onunçün də bu mübarək ayın yarısı, – əzbəs ki, Rəməzanın yavıqlaşmağına dəlalət edir, – şaban ayının bir qiymətli günüdür; onunçün də bu gecə etikaf gecəsidir, onunçün də füzəlanın rəyincə bu gecəni axşamdan sübhədək ibadət və riyazətlə keçirmək, hədd-hesabsız namaz və dualarla keçirmək lazım gəlirdi. Nimeyi-şəbanın bir gecəsi yaxşı yadıma gəlir. Dayım da bizdə idi, qonşu Axund Molla Kərim müəzzin də bizdə idi. Şam və xiftən namazlarını qılıb qurtardılar. Və Molla Kərim bir kitab açdı və oradan xəbər verdi ki, həzrət Əmirəl-möminin buyurubdur ki, hər kəs nimeyi-şəban gecəsi yüz rükət namaz qıla və hər rükətdə min dəfə “qülhüvallahü əhəd” zikr eliyə, qiyamət günündə yüz məlaikə təyin olunacaq ki, o bəndəyə məhşərdə köməkçi olsunlar. Və möminlər başladılar namazı və bizim evimizin bütün böyükləri və kiçikləri başladılar namaz qılmağa. Mən özüm bilmirəm neçə rükət qılmışdım ki, elə oradaca yuxu məni tutur və oradaca paltarlı uzanıb yatıram. Amma yerə yıxılanda mübarək möhür, o müqəddəs ətəbatın mübarək torpaq parçası qalmışdı altımda, onunçün də dayım məni acıqlı-acıqlı və söyə-söyə oyatdı və anama dedi: – Bu erməni oğlu ermənini buradan apar, gözümdən itilib getsin! Özü də cəhənnəm olsun, ibadəti də cəhənnəm olsun! Amma məndən sonra möminlər sübhə kimi oturmuşdular. O qədər dua və səna oxumuşdular ki, gözlərinə bir zərrə qədər yuxu gəlməmişdi. Və yazıq anam gündüz bizə bişmiş bişirəndə ocağın üstündə iki-üç dəfə kefli adam kimi yıxıldı, az qaldı odun içinə düşsün. Və bununla belə yenə orucağız, “ya Allah, ya Əli” dilindən düşmürdü. Amma elə ki, şaban ayı axıra yetişmək istədi, axır üç günü bütün şəhər yenə oruc tutmağa mollalar tərəfindən dəvət olundular. Və bu barədə Axund Molla Tağı minbərdən demişdi ki, hər kəs şəbani-müəzzəm ayının axır üç gününü oruc tuta, Allah-taala onu hər ayinə şeytanir-rəcimin şərindən nigah saxlayacaqdır. Və elə ki şaban ayı axırına çatmağa yavıqlaşardı, bütün şəhərə vəlvələ düşərdi ki, aya şabanın axırı hansı gündür və rəməzanın əvvəli hansı gündür və rəməzanül-mübarək hilalı, yəni təzə ay nə vaxt və hansı gün görsənəcəkdir. Şaban ayının iyirmi doqquzunda bazarın çox hissəsi bağlı olardı, cəmaəti-müslimin məscidlərdə. Məsələ bu barədədir ki, aya, bu gün hilali-rəməzan, təzə mübarək ay görükəcək, ya yox? Aya, bu gün şabanın axırıdır, ya sabah axırıdır? Şaban bu il kəmyekdir, yəni iyirmi doqquz gündür, ya otuz gündür? Bu məsələ mühüm məsələlərdən biridir. Əgər bu gün bilsək ki, şabanın axırıdır, bu gün axşam hilali güdərik və harada olmuş olsa, qaranlıq bulutların da arasından bir tövr quyruğunu görərik və gördükdə də röyəti-hilali-rəməzənül-mübarəkin şəraitini əmələ gətirərik. Nədir bunun şəraiti? Birinci – rəməzanül-mübarək ayını birinci dəfə görən gərək haman dəm salavat çevirə-çevirə gözlərini yuma və hər nə vaxt açsa, gərək birinci məqamda gözü şəmşirə sataşa. Məlumdur ki, cəmaəti-müslimin arasında hər dəfə təzə ayı görən gərək bir müəyyən şeyə baxa. Və bu da on iki ayın hər biri üçün müxtəlif şeylərdir; məsələn, məhərrəm ayını təzə görən gərək qızıla baxa, səfər ayını görən aynaya baxa, rəbiül-əvvəl ayını görən suya baxa, o biri rəbii görən qoyuna baxa... və axıradək hər ay üçün bir şeyə baxmaq müəyyən olunubdur. Rəməzanül-mübarəkin hilalını görməyin böyük fəziləti var. İmam Cəfəri-Sadiqdən bu barədə rəvayət olunubdur ki, hər kəs Rəməzan ayının hilalını şabanın axır axşamı görə və bu duanı axıradək oxuya “Rəbbi və rəbbük-əllahü rəbbül-aləmin... ”, haman şəxs tamam bir ilin müddətində zalimlərin zülmündən, sahirlərin sehrindən və cinnü və ünsün şərrindən sübhanə və taalanın pənah və hifzində mühafizət olunacaqdır. Həqiqətdə bir böyük xoşbəxtlikdir, əgər bir uca damın üstünə çıxıb təzə aya baxmaqla və bir neçə kəlmə dua oxumaqla sən zalimlərin zülmündən eymən olacaqsan. Ta bundan yaxşı şey nə ola bilər? Xalq, xalqların zülmünün qabağını almaq üçün dəstə tutub mübarizəyə çıxırlar, zalim hakimlərin üzünə biədəblik edib ağ olurlar, hiyləgər ruhanilərin fəsad torlarını yırtıb, o tordan çıxmaq üçün zəhmət çəkib dünya elmlərini təhsil eləyirlər, övladını məktəblərə göndərib fənni və ictimai biliklərə sahib olurlar, zalimlərin zülmündən xilas olmaq üçün çox-çox fədakarlıqları özlərinə rəva görürlər, amma sən bunların cümləsinin əvəzində təsbehi al əlinə, çıx damın üstünə və hilali-rəməzanül-mübarəki görməyə cidd-cəhd elə və elə ki gördün, dəxi sahirlərin sehrindən bilmərrə xilas olacaqsan. Bir bunu bilmək mümkün olmurdu ki, aya, builki şəbanül-müəzzəm ayı neçə gündür, kəmyekdir, ya tamamdır? İyirmi doqquz gündür, ya otuz gündür? Rəməzanın ğürrəsi sabahdır, ya birigündür? Bunu haradan bilmək olar? Təqvimdən. Kimin təqvimindən? Əlbəttə, Yevropa təqvimlərində elmi-nücumdan əxz olunmuş məlumatda həmişə ayın və günün hərəkatının əhvalı xəbər verilir və Yevropa təqvimləri deyə bilərlər ki, şaban ayı, ya qeyri bir ayın əvvəli hansı gündür və axırı hansı gündür. Amma o müqəddəs əsrlərdə Yevropa təqvimlərinin cəmaəti-müslimin içində hörməti yox idi. Bu səbəbə ki, o təqvimləri yazanlar və çapa verənlər binamaz xaçpərəst millətləri idi. Və aşkardır, o təqvimlər mənim mömin həmvətənlərimin əqidəsincə itdən də murdardırlar. Tək bircə pak təqvim Hacı Nəcmüddövlənin Tehrandan gələn təqvimi idi ki, oradan mənim müqəddəs vətəndaşlarım hər bir məlumat əxz edə bilərdilər, savayı ayın əvvəli hansı günə düşməyindən və axırı hansı günlə qurtarmağından. Möhtərəm Hacı Nəcmüddövlənin təqvimi – ki, hazırda Tehranda yenə nəşr olunmaqdadır – zənn edirəm, möhtərəm qarelərin nəzərinə çatmamış ola. Hər kəs möhtərəm hacının təqvimindən xəbərdardır və onun məzmunu ilə aşinadır, ondan xahişim budur ki, burada bir neçə söz ki mən o təqvimin barəsində danışmaq istəyirəm, bu bir neçə sətirləri buraxıb oxumasın. Məlum olan mətalibi də dübarə oxumağın mənası yoxdur. Hacı Nəcmüddövlənin müqəddəs təqvimi o vədələr hər bir mömin Allah bəndəsi yanında onun yomiyyə ibadəti üçün bir rəhnüma idi. Bir bu ki, dindar vətəndaşlarım saat xoşlanmamış heç bir qədəm qoymazdılar. Və bir ilin müddətində hansı ayda, hansı gündə, hansı bir saatın əhvalı haman təqvimdə dərk olunardı. Başlamış o yerdən ki, bu üzümüzə gələn ildə və hansı ayda nələr vüqua gələcək, orada yazılardı. Padşahlar dava edəcək, ya etməyəcək; bahalıq, ya ucuzluq olacaq; qışda hava nə dərəcəyə qalxacaq; misri azarlar şiddətmi edəcək; ay və gün nə vaxt tutulacaq; zəlzələnin olmağı möhtəməldirmi, ya yox; insanlar dinəmi yavıq gələcəklər, ya gümrah olacaqlar. Sonra səfər ayının hansı günləri hansı ibadət üçün müsaiddirlər; səfərə çıxmaq hansı gün məsləhətdir; toy eləmək hansı günün hansı saatında xoşdur; hamama getmək və hətta tənvir etmək hansı bir saatda rəvadır; bu gün həcəmət almaq caizdir, bu ayın nəhs günləri hansıdır, həna qoymaq üçün hansı saat xoşdur. Burada bir haşiyə çıxmaq lazım gəlir. Şəhərimizdə Hacı Səməd xan bir gün ziyarəti-imam Rza qəsd eləmişdi. Çün xan həzrətləri qeyri xanlardan müstəsna olaraq xeyli, dindar və əhli-təqva idi, onunçün də qəsd etdiyi bu qiymətli səfərini labüd gərək bir xoş saata müvafiq tuta idi və bu barədə də, təbii, ruhanilərə müraciət etdi. Hacı Molla Tağı Quranla istixarə etmişdi və xanın şəhərdən hərəkət gününü rəbiüssaninin on yeddisinə təklif etmişdi. Amma nədənsə Hacı Nəcmüddövlənin təqvimində rəbiüssaninin on yeddisi əzm-ziyarət üçün yox, ticarət qəsdi üçün xoş yazılmışdı. Və yadımdadır ki, bu səbəbdən xan həzrətləri bir neçə həftə təxirə düşdü. Sonra Hacı Molla Əlinin istixarəsi mocibincə xanın səfəri rəbiüssaninin səlx gününə təyin olundu. Amma burada yenə bir maneə ortalığa gəldi; çünki Hacı Nəcmüddövlənin təqvimində yazılmışdı ki, bu il rəbiüssaninin səlxi yoxdur, yəni bu ay otuz gün yox, iyirmi doqquz gündür. Rəbiüssaninin iyirmi doqquzu əyyami-səkkiz ulduzun, yadımda deyil, hansı gününə düşürdü və məlumdur ki, əyyami-səkkiz ulduz günləri səfərə çıxmaq üçün nəhs hesab olunurlar. Sonra Hacı Səmədxan yenə qeyri mollaya müraciət elədi. Ondan sonra yenə bir qeyrisindən məsləhət istədi. Axirül-əmr Hacı Molla Tağı, Hacı Səməd xanın səfərini cəmadiyəl-əvvəlin ayının altıncı gününə təyin eləmişdi. Amma məlum oldu ki, haman gün cümə gününə düşür. Amma məlumdur ki, həzrəti imam Rza cümə günlərini səfərə çıxmağı rəva görməz imiş, o səbəbə ki, cümə gününün namazına mane olur. Beləliklə, Hacı xanın səfəri genə yubandı. Hacı Nəcmüddövlənin təqviminə genə pənah apardılar. Orada yazılmışdı ki, cəmadiyəl-əvvəl ayının dördü, beşi, on üçü, on altısı, iyirmisi, iyirmi dördü, iyirmi beşi və iyirmi altısı səfərə çıxmağın kərahəti var. Hacı Molla Əli də xana sifariş eləmişdi ki, ayın səkkizinci və iyirmi üçüncü günü səfər eləmək məsləhət deyil. Hacı Kərim də xana ərz eləmişdi ki, məbadə ay əqrəbdə olanda səfərə çıxa. Biçarə Hacı Səməd xan axırda təsmim eləmişdi ki, cəmadiyəl-əvvəl ayının on səkkizində şəhərdən çıxsın. Amma burada yenə böyük maneçilik üz verdi. Çünki haman gün düşənbə gününə düşürdü və məlumdur ki, düşənbə günü həzrəti-rəsulun vəfat günü olduğu üçün, səfərə çıxmaq o gün heç bir vəchlə caiz deyil. Sonra bədbəxt Hacı Səməd xan, yadımda deyil, ayın iyirmi birindəmi, ya iyirmi ikisində Rəvan şəhərinə tərəf yola düşdü. Və yadımdadır ki, haman gün bütün şəhər xanın müşayiətinə çıxmışdı. Amma... İki gün ondan sonra dedilər ki, Hacı Səməd xan yoldan qayıdıb gəlir. Məlum oldu ki, xan fayton ilə Xok qəryəsindən ötüb Qıvraq adlı kəndə daxil olur və fayton kəndin ortasından keçən vaxt bir kəndli arvadı damın üstündə paltar sərdiyi yerdə asqırır. Xan faytonu saxlayır və arvada tərəf üzünü tutub deyir: – Görüm sizin toxumunuz yer üzündən kəsilsin! Xan haman yerdən faytonu geri qaytarır. Və şəhərə xəbər düşdü ki, yolda səbir gəlib və Hacı Səməd xan ziyarətə getdiyi yoldan qayıdıbdır. Və sonralar küçə uşaqlarının dilində əzbər oldu: “Səbir gəldi, xan qayıtdı”. Bu vaxtadək çox az ittifaq düşübdür ki, cəmaəti-müslimin içində qəməri ayların hansı neçə gündür, 29-mu ya 30-mu, bəlli olsun və behər hal qabaqca bilinsin. Onunçün də şabanla rəməzanın sərhədini müəyyən etmək mənim yadıma gəlir ki, mümkün olmazdı. Və onun üçün də mənim biçarə vətəndaşlarım rəməzanül-mübarəkin hilalını axtarıb tapmaq yolunda çox-çox zəhmətlərə düşərdilər, çox-çox ruhani və cismani əziyyət çəkərdilər. Mən özüm ta yeddi yaşından başlamış, böyüklərimlə bərabər, damların üstündə Rəməzan ayını axşam vaxtları, saatlarla axtarıb tapmamışıq: ya hava bulud olub və təzə ay buludlar içində gizlənib ki, mömin müsəlman ümmətinin imanının dərəcəsini mizana vursun, yaxud haman gün şabanın səlxı, ya, bəistilahi-türk axırı deyilmiş. Rəməzanın hilalı axtarılan günlər axşam zamanı, damların, minarələrin və qeyri bu kimi uca yerlərin üstü mömin müsəlmanlarla dolu olardı. Və camaat gözlərini Məğribə, gün batan tərəfə tikib, təzə ayın quyruğunu axtarardılar. Və tapmayanda kor-peşman pəcmürdəhal yenib gedərdilər evlərinə. Əgər təzə ay asanlıqla görüksə idi, müsəlmanlar salavat çevirə-çevirə təsbeh əllərində bir növ bəşarətlə evlərinə gedərdilər. Nə böyük səadət! Sabah rəməzanül-mübarəkdir, sabah haman aydır ki, mələklər ərşlərə düzülüb tamaşa edəcəklər ki, aya islam ümməti bu mübarək ayı nə surətdə başa çıxardacaq, onların ibadəti nədən ibarət olacaq? Tamaşa edəcəklər müqəddəs islam ümmətinin qeyrətinə, Allahı çağırmağına, gecələr yatmayıb ehya saxlamağına və qədr gecəsini cidd-cəhdlə axtarmağına. Hansı qədr gecəsini? Burada, vaizlər demişkən, mətləb bir az tuldur. İslam müfəssirlərinin və müctəhidlərinin təbirincə rəməzanül-mübarək ayının otuz gecəsinin biri qədr gecəsidir. Cəmi əimmənin rəvayətindən də belə anlaşılır ki, ilin üç yüz altmış altı gecəsinin biri qədr gecəsidir. Ancaq o gecə hansı gecədir? Məlum deyil və demək olar ki, o gecəni rəsulu-xudadan sonra, bəlkə tapan olmayıbdır. Hər bir kəs o gecəni tapa bilsə və haman gecəni yatmayıb müəyyən ibadəti əda edə bilsə o şəxs əbədəl-abad özü də bağışlanır və onun cəmi qohum-əqrəbası və abavü əcdadı və cəmi günahlardan məğfirət tapıb əbadəl-abad xudavəndi-aləmin şəfaətinə nail olurlar. Pəs hansıdır o gecə? Bu barədə tək bircə işarə var ki, o gecə rəməzanül-mübarəkin gecələrinin biridir? Pəs hansı gecəsidir? Bir rəvayət də bundadır ki, qədr gecəsi rəməzanül-mübarək ayının on doqquzuncu gecəsi ilə otuzuncu gecəsinin arasındadır. Bu, on iki gecənin biridir. Pəs deyəsən, mətləbə yavıqlaşmışıq. Nə çətin şeydir qədr gecəsini tapmaq? Bir surətdə ki, o şərafətli gecə rəməzanın on doqquzundan axırının ərzindədir, dəxi burada nə qəm ola bilər? Mən, bərayi-ehtiyat, bu on iki gecəni elə bir əziz tutaram ki, bu gecələri ta axşamdan-sübhədək elə bir candil ilə etikafa əyləşərəm ki, bu on iki gecəni özümü Allah yolunda fəda edərəm və qədr gecəsi üçün cəmi təfsir sahibləri, cəmi şəriətmədarlar – Ağa Bağır məclisilər, Molla Əhməd ərdəbililər, Həsən cilanilər, Bəhaəddin Məhəmməd cəbəlilər və sair minlərcə şəriətmədarlar – təyin etdiyi dua və sənaları əda edərəm; ta ki, beləliklə, qədr gecəsini tapmış olaram. Və elə də mənim uşaqlıq əsrimdə mənim vətəndaşlarım elərdi. Və yadımdadır ki, Rəməzanın on doqquzuncu gecəsindən ta axırınadək, mən, yeddi yaşında uşaq üçün gecə yuxusu haram olardı. Onu ərz edim ki, mənim rəhmətlik dayım xeyli savadlı idi. Bir vaxt Təbrizdə ticarətlə məşğul olan zaman orada mollalarla o qədər oturub-durmuşdu ki, özü bir balaca molla dərəcəsində idi və Quranı oxuyub məna eləməyi yadımdadır. Və bu on iki gecənin oyaq qalmağı ilə işim yoxdur; gecəni səhərə kimi yatmaq da olar, yatmamaq da olar. Ancaq bircə şey məni o vədə, doğrudan da, o qədər təngə gətirərdi ki, mən cənnətə və cəhənnəmə bərk etiqad eləyən ola-ola və Allahın qəzəbindən qorxan ola-ola yenə Rəməzanın əhya gecələrini, dayımın zərbindən o qədər təngə gələrdim ki, çox vaxt ağlardım və ağlaya-ağlaya bunu da bilərdim ki, günaha batıram. Dayımın ibadət üçün səxtliyi, onun riyazətinin qəlizliyi hələ o vədələr nəinki tək bircə məni, hətta çox mömin olan anamı da təngə tutardı. Və hərçənd anam Allahın qorxusundan cınqırını çıxartmazdı, amma gündüz zəhməti və orucluq aclığı bu yandan, gecə ibadəti bir yandan, özü də bir gecə yox, on iki gecə yazıq arvadı əldən salardı və oturduğu yerdə çox vaxt qəşş elərdi və yıxılardı. Burada haşiyə çıxmaq babətindən ərz etməyi lazım görürəm ki, insanın canı, doğrudan da, bərk olarmış. Anam hifz-sihhənin həmin rəvayət etdiyim şəraiti vücudilə genə əlli-əlli beş ilə kimi dünyada yaşaya bildi. Buradan mülahizə eləmək olar ki, biçarə arvadın gör nə dərəcədə canı bərk imiş. Habelə də qeyriləri... Naxçıvan və İrəvan vətənindən Tiflisə köçməyin ittifaqı oldu. Tarixi-miladinin min doqquz yüz üçüncü ilinin dekabr ayında, İrəvanda övrətim şiddətli azara mübtəla olmuşdu; o dərəcədə ki, oranın təbibləri övrəti Tiflisə aparmağı lazım gördülər. Qış bərk soyuq idi. Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi. Və ilin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə gətirməyə məcbur olduq. Olduq deməkdə mən yeznəm Məhəmmədqulu bəyi nəzərə alıram. Məhəmmədqulu bəy Naxçıvan bəyzadələrindən və mənim haman azarlı övrətimin qardaşı idi və bacısını nəhayat istərdi; onunçün də onunla o da Tiflisə gəlmək istədi. Daha doğrusu azarlını Tiflisə gətirən bəlkə qabaqca o idi; çünki o, Tiflisi və Tiflisin həkimlərini məndən də yaxşı tanıyırdı və hər barəda bacarığı məndən artıq idi və yol məxaricini və müalicə məsələsini də öz öhdəsinə götürmüşdü. Dekabrın axır günlərində azarlını gətirdik və o vaxtda təzə tikilmiş İrəvan dəmir yolu ilə Tiflisə tərəf yola düşdük. Övrətimin əhvalı xarab idi. Onun sağlamlığına mənim gümanım çox az idi. Yeznəm də xeyli qəmgin görsənirdi və elə yadıma gəlir ki, İrəvanda ta o vədə Aleksandropol adlanan şəhərə kimi bircə söz də danışmadı. Azarlı da öz yerində uzanmışdı və bir söz danışmırdı. Yemək və içmək də istəmirdi. Aleksandropoldan Tiflisə tərəf yola düşdüyümüz sübh vaxtı idi. Yeznəmin kefi bir qədər açılmışdı; buna da səbəb o oldu ki, bacısı da başladı az-az danışmağa. Oxşuyurdu ki, azarlının əhvalı nədənsə yaxşılığa tərəfdir. Burada Məhəmmədqulu bəy bir qədər oyüzdən-buyüzdən söhbət edəndən sonra, mənim kefimi soruşdu və bunu da soruşdu ki, təzə yazı-pozudan yanında bir şey vardırmı? Mən dedim ki, bir şey yoxdur; amma burada yalan dedim. Bir ay bundan qabaq təzə yazdığım “Poçt qutusu” hekayəmin əl yazısı qoltuq cibimdə idi. Dedim bir şeyim yoxdur. Ondan ötrü belə dedim ki, mən əsərlərini həvəslə ona-buna göstərən yazıçıları dost tutmaram, bəlkə, iyrənərəm. Və Allah şahiddir ki, mənim üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun-bunun qabağına tutub nişan verəsən. Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam. Onunçün də yeznəmə “yox” cavabını verdim. Amma gördüm ki, mənim bu cavabımdan sonra yazıq kişi başını saldı aşağı və genə qəmqüssəyə getdi; çünki bacısı da gözlərini yumub dəxi dinmirdi və digər tərəfdən də qatarların qaranlıq lağımlara girib çıxmağı da yeznəmin və azarlının övqət-təlxliyini dəxi də artırırdı. Onunçün də, doğrusu, yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. O da deyəsən yuxuda idi və yuxudan ayılan kimi, guya, xahi-nəxahi, əlini uzatdı və dəftərçəni aldı və könülsüz, yavaşca açdı və istəyirdi oxusun, vaqon girdi qaranlıq lağıma. Xülasə... Bir vaxt, yadımdadır, gördüm ki, Məhəmmədqulu bəy öz-özünə gülür. Baxdım ki, “Poçt qutusu”nu oxuyur. Burada mən gördüm ki, bu hekayəciyim qaynımın xoşuna gəlir və gülə-gülə mənə dedi: – Sən bu hekayəni çox yaxşı yazmısan. Bu sözləri deyəndən sonra genə oxumağında və oxuya-oxuya gülməyində davam edirdi. Və qatar qaranlıq lağımlara girəndə qaynımın acığı da tuturdu ki, qaranlıq onun oxumağına mane olur. Mən burada “Poçt qutusu”nun barəsində bu bir neçə sözü ondan ötrü yazıram ki, mənim bu hekayəçiyim söz yox, öz-özlüyündə elə də bir böyük əsər deyil ki, bu qədər tul və təfsilə layiq ola; ancaq burada mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm mənim ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə, bu hekayənin səbəbindən mən həmin bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum. Bu da bu minvalla üz verdi. Bir gün yol gedəndən sonra sabahısı günü varid olduq Tiflisə və düşdük İrəvan meydanının qabağında, məşhur Qafqaz mehmanxanasına. Haman gün də azarlını apardıq və qoyduq Mixaylovski müalicəxanasına ki, orada ona müalicə olunsun. Və ikimiz dəmən və yeznəm – müalicəxanadan çıxdıq şəhərə və nahar eləmək fikrinə düşdük, və üz qoyduq o vədə Tiflisdə birincilik qazanmış məşhur yemək evinə. Burada camaatın içində möhtərəm Məhəmməd ağa Şahtaxtlı əyləşmişdi, çörək yeməkdə idi. Bə bizi uzaqdan görən kimi durdu ayağa və bizi xoş-beş ilə apardı oturtdu yanında və bizim üçün də yemək sifariş verdi. Başladıq nahar eləməyə. Söhbət azarlıdan keçdi mətbuata və ədəbiyyata. Burada yeznəm cibindən “Poçt qutusu”nun dəftərini çıxartdı verdi Məhəmməd ağaya. Genə deyirəm ki, belə işlər mənim məzaqımdan kənardır; necə ki, məni yavıq tanıyanlar bilirlər ki, nə deyirəm. Öz yazdığım yazını nə bir kəsə oxumaq istərəm, nə də ələlxüsus məclislərdə öz yazımı əl-əl göstərməyə razı olaram. Amma yeznəmin meyli və məramının qabağında heç vaxt etiraz etmək istəməzdim. Xüsusən bu günlərdə ki, bacısının babətindən onsuz o biçarə diltəng idi. Məhəmməd ağa “Poçt qutusu”nu oxuya-oxuya elə bir qışqırıqla gülməyə başladı ki, burada qeyri çörək yeyənlərin diqqətini cəlb elədi. Mən yavıqdakı hovuzda üzən rəngarəng balıqlara tamaşa eləyirdim. Və yaxşı yadımdadır ki, Məhəmməd ağa güldükcə balıqlar suyun içində elə atılıb düşürdülər ki, deyəsən, o Allahın balaca heyvanlarının da Novruzəlinin avam və sadəliyinə gülməyi tutur. Amma Allah şahiddir ki, mənim əhvalım heç yaxşı deyildi. Burada Məhəmməd ağa kitabçanı oxudu qurtardı, biz də naharı qurtardıq. Hamımız durduq və Məhəmməd ağa mənə təklif elədi ki, mən həmişəlik qalım Tiflisdə, dəxi İrəvana qayıtmayım və Tiflisdə qaldıqda, onun “Şərqi-Rus” qəzetində hekayənəvis, felyetonçu olum. Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə gedəcəkdən xəbərim var idi və nə İrəvanda qalmaq fikrində idim, nə də Tiflisdə qalmaq istəyirdim. Məhəmməd ağa öz dediyində elə bərk durmuşdu ki, küçəyə çıxandan sonra bir də gördüm ki, faytondayam. Getdik düşdüyümüz “Qafqaz” mehmanxanasına. Orada yeznəm yığışdı ki, vağzala gedib oradan gecə ilə İrəvana yollansın. Məni də və mənim əşyamı Məhəmməd ağa qoydu faytona və hamam gün də apardı mənzilinə ki, “Şərqi-Rus”un idarəsi orada idi. Haman küçənin adı o vaxt Peskovski küçə idi, indi bilmirəm, təzə nə ad qoyublar. “Şərqi-Rus” naşiri və baş mühərriri Məhəmməd ağa Şahtaxtlı Naxçıvan şəhərinin yavıqlığında Araz kənarında məşhur bir qəsəbədəndir. Məşhur onunladır ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətəni olubdur. Məşhur xanəndə və bütün Qafqaz müsəlmanları içində mərsiyəxanlıqda birincilik qazanmış Hacı Molla Abdulla da bu qəsəbənin övladındandır. Haman Hacı Molla Abdulladır ki, hali-həyatda olan indiki ən şöhrətli qələm sahiblərimizdən birisinin atasıdır. Məhəmməd ağanı mən cavan vaxtımda bir dəfə də Naxçıvanda görmüşdüm. Min səkkiz yüz doxsan dörddəmi-beşdəmi, bilmədim, Məhəmməd ağa nədən ötrü Naxçıvana gəlmişdi. Mənim o vaxt yazmış olduğum “Məhəmməd Həsən əmi”nin hekayəsi yoldaşlarımın içində danışığa düşmüşdü. Və Məhəmməd ağa təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə vərəq oxudu və bəyəndi. Hətta bunu qeyd eləmək istəyirəm ki, haman hekayənin birinci səhifəsi rus hərfləri ilə yazılmışdı. O vədə şərqşünas və misyonerlərdən qazanlı Radlov Azərbaycan üçun bir yeni əlifba təklif eləyirdi. Bu ibarət idi rus hərflərindən. Ancaq rus hərfləri içində olmayan bir neçə sövt üçün yeni bir neçə hərflər icad etmişdi. Bu hürufatın nümunəsi o vaxtlar Qafqaz maarif idarəsi tərəfindən nəşr olunan “Qafqazı öyrənmə materialları” məcmuəsində hərdən bir çap olunardı. Mən, çün o vaxtlar cavan və rus siyasətindən bixəbər, haman Radlovun türklər üçün yeni əlifbasını təsdiq etdim. Və hətta məndən savayı Naxçıvanda bir neçə türk maarifçiləri də təsdiq edirdilər. Onların içində ən döşünə döyən Mirzə Məhəmmədqulu, o vaxt qəza naçalnikinin dilmancı idi. Haman mənim hekayəm “Məhəmməd Həsən əmi”nin birinci səhifəsi Radlovun rus hərfləri ilə yazılmış[dır]. Altı-yeddi il bundan qabaq (sənə min doqquz yüz iyirmi birdə) qeyri hekayələrimlə, Bakıda Maarif Komissarlığına pişnəhad etmişəm ki, orada çap olunsun. Sonra bilmədim necə oldu və harada qaldı. Bunu buraya yazmaqdan mən onu qeyd etmək istəyirəm ki, ərəb hürufatına nifrət və yeni bir asan hürufata həvəs məndə hələ o vaxtlardan var idi. Sonra da – necə ki məlumdur, – mən həmişə yeni türk əlifbasını arzu eləyən və köhnə hürufatın ziddinə gedənlərdən oldum. Məhəmməd ağa Şahtaxtlı çoxdanın adamıdır. İndi möhtərəm ədibimiz Bakıda yaşayır və Şura hökumətindən təqaüd (pensiya) alır. Qoca yazıçımız Şahtaxtının əyanındandır. Amma özü cavanlıqdan özünü təhsilə verdi və Şərq dillərini təhsil etməklə bərabər, Avropa lisanlarını da öyrəndi və xeyli vaxt Avropada da qaldı. Eşitdiyimə görə həvəsi və məşğələsi həməvəqt yazıçılıq olubdur və necə ki Avropada, oranın qazetlərində, habelə Rusiyada rus qəzetlərində həmişə iştirakı olubdur. Az vaxtda türkcə qəzet nəşr etmək zəmini qəbul etdi və illər uzunu bu yolda çalışdı və xeyli zəhmətlərdən sonra “Şərqi-Rus”u çıxartmağa nail oldu. Məlumdur ki, o vaxtlar müstəbid Rusiya hökumətinin mənəm-mənəm bir dövründə ki, rus tayfasından savayı türk kimi kiçik bir millətə etina olunmurdu, türk dilində bir müstəqil cəridə intişarına yol vermək Peterburq hökumətindən heç gözləmək olmazdı. Xüsusən ki, İran və Osmanlı ilə həmsərhəd olan Qafqaz müsəlmanlarının maarifinin qüvvətlənməyinə ruslar heç bir vaxt yol vermək istəməzdilər. Bununla bərabər, Məhəmməd ağa qəzetinin icazəsini aldı və nə tövr aldı, bu mənə məlum deyil. Ancaq mənə, Məhəmməd ağanın vətəninin övladına, bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə düşəndə, mən eşitdim ki, Məhəmməd ağa atadan qalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb gedib Tiflisdə qəzeq nəşr etsin. Mən Tiflisdə Məhəmməd ağanın qəzetinin idarəsinə daxil olanda bildim ki, Naxçıvanda danışılan bu söhbət əsl həqiqətdir. Və o vaxt mən görürdüm ki, bu on səkkiz min manat qəzet üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. Və bir az vaxtda mətbəə də düzəldi və “Şərqi-Rus” qəzeti – ki, qeyri mətbəələrdə çap olunurdu, – dəxi öz məxsusi mətbəəsində çap olunmağa başladı. Mən “Şərqi-Rus” idarəsinə daxil olan günlərdə də (təzə 1904-cü ilin ibtidası) qəzetdə “Poçt qutusu” hekayəm çap olundu. Qəzetin baş mühərriri və müdiri Məhəmməd ağa özü idi. Mən idarəyə daxil olan zaman, onun idarədə əyləşən qələm şərikləri Ömər Faiq Nemanzadə və Səməd ağa Qayıbov idi. Ömər Faiq barəsində söhbət bundan sonra olacaqdır. Səməd ağa Qayıbov Qori darülmüəllimini bitirmişlərdən və indi Bakıda otuz üçüncü şura məktəbinin müəllimlərindəndir. Mən idarəyə daxil olandan sonra qəzetdə məqalələr və felyetonlar yazmağa məşğul oldum. “Şərqi-Rus” qəzetinin məsləkinə gəldikdə onu deyə bilərəm ki, məlum bir şeydir ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın; yaxud ehtiyatla da olmuş olsa, hökumət ilə oppozisiyada ola bilsin. Və təbiidir ki, bir belə azadi-taləb cəridyə heç bir vəchlə icazə də almaq mümkün olmazdı. Onunçün xah Məhəmməd ağanın, xah onun biz tək qələm köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib eləməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyil idi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmməd ağa tərəfindən qəzetdə yazılmış bir məqalədə “qadın azadlığı” kimi iki kəlmənin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin sansorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləməzdik. Qəzet qabaq vaxtda, mən idarəyə daxil olan zaman həftədə üç dəfə çıxırdı və sansor qorxusu elə ağır idi ki, həftədə bu üç nömrəni də ancaq sansordan çıxarda bilirdik. Çox vaxt sansordan izn hasil eləmək üçün oraya mən özüm gedərdim. O vaxt sansor idarəsində türk şöbəsində türklərdə bir kəs yoxdu. Ancaq iki nəfər şəxs idi: biri erməni Kişmişov, o biri genə erməni Qaraxanov idi. Bununla bərabər, çün hər ikisi türkcə az savadlı idi və qəzetin materialını gərək hüccəliyə-hüccəliyə başdan-axıradək oxuyub məzmunundan xəbər-dəxi gecələrdar ola idilər ki, çap olunmasına izn də verə idilər, bu da bir neçə saat çəkərdi. Nə qədər ki qəzet həftədə üç dəfə çıxırdı, hələ bir tövr yola verirdik, elə ki axır vaxtlarda qəzet gündəlik oldu, onda yuxu yuxulamaq bizə haram olardı. Ancaq gecənin yarısınadək qəzetin sansorda oxumağı çəkərdi və ancaq gecə saat ikiyədək maşında qəzetin çap olunması başlana bilirdi. “Şərqi-Rus” qəzeti barəsində xah o vaxtlar, xah son vaxtlarda Qafqaz müsəlmanları içində bəzi vaxt bir belə şayiələr qulağa çatardı ki, guya qəzetin sahibi Məhəmməd ağa həmin bu orqanı ilə Rusiya hökumətinin Şərq politikasına qulluq edir. Bu söhbətlərin cümləsini mən əracif və əsilsiz, sübutsuz hesab edirəm. Belə bir danışıqlara səbəb qəzetin adı idi. “Şərqi-Rus” deyəndə, əlbəttə, hər bir kəs buradan bir mətləb çıxarmağa haqlı ola bilər və qəzetin ruspərəstliyini zənn edə bilər. Və ola bilər ki, Peterburq hökuməti bu qəzetin nəşrinə icazə verəndə də bunun adını da mənzur tutubdur. Və lakin biz, o vədə qəzetdə iştirak edənlər qəzetin Şərqdə Rusiyanın nüfuzuna qüvvət verməyini görmədik və gahdan bir Qafqaz canişininin “əlahəzrət” ibarəsi ilə yad etməyini də o vaxtlar adi bir iş hesab edirdik. “Şərqi-Rus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım ki, bu söhbətlərin “Molla Nəsrəddin” tarixinə çox yavıq rəbti var; çünki yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-Rus” qəzeti idarəsində gördüm və burada da onunla üns tutdum. Bu babətdən “Şərqi-Rus” qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar olur: Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik. Elə bir məcmuəni ki, onun birinci nömrəsi nəşr olunan gündən mənim adım bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının, bəlkə yavıq Şərqdə cəmi türk tayfalarının içində şöhrət tapdı. “Şərqi-Rus” qəzeti, çün Qafqazda o vaxtadək bircə dənə cəridə idi, bu səbəbdən də hörməti və şöhrəti az deyildi. Rus-yapon davası başlanandan sonra tirajı bir neçə minə qalxdı. Amma axırda durduğu yerdə öz əcəli ilə vəfat etdi. Və həmin bu məsələ o qədər maraqlıdır ki, bu barədə burada bir neçə kəlmə dəxi yaddaş etməyi lazım görürəm. Dünyada “hikmətə” inanan adam olsa idim, mən deyə bilərdim ki, “Şərqi-Rus” qəzetinin yox olmağnda bir “hikmət” var. Məlum şeydir, cəridənin dalı kəsilməyinə ya onun maliyyəsinin zəifliyi, ya da hökumətin qərardadı, yaxud nadir vaxtlarda cəridənin sahibinin özünün fövtü ola bilər. “Şərqi-Rus”un bağlanmağında bu üç maneələrin heç biri üz vermədi. Qəzetin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi: Necə ki ərz olundu, Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir “Şərqi-Rus” idi. Bu da ki məlumdur, Tiflisdə bina olunmuşdu və orada da çıxmaqda idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Haşımbəy Vəzirov, Məmmədəmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik “Şərqi-Rus” qəzetinə həsrət aparırdılar. Bəs necə olsun? Belə məlum olur ki, o vaxtlar türk qəzetinə izn hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndi belə güman etmək olar ki, o vaxt Bakının birinci jurnalistlərindən Əhmədbəy Ağayev və Əlibəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onunçün də bunlar belə məşqə düşdülər: mərkəzdən ki təzə bir türk cəridəsinə izn almaq ümidi yoxdur, səlah buradadır ki, hal-hazırdakı “Şərqi-Rus” qəzetinə bir növ əl uzatmaq və şəriklikmi sifətilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək. Axirül-əmr, Məhəmməd ağa Bakıdan Əhmədbəy Ağayevin “Şərqi-Rus” qəzetinə yoldaşlıq sifətilə daxil olmağını qəbul etdi. Və niyə qəbul etdi və nə mülahizə ilə qəbul etdi, bunu mən o vədə bilmədim. Ancaq Əhmədbəyin qəzetə daxil olmağına Qafqaz hökuməti izn verə bilmədi; onunçün də bu izni hasil etmək məqsədilə Məhəmməd ağa Peterburqa getməyə məcbur oldu və oradan icazəni də aldı. Və sənə min doqquz yüz beşinci ilin yanvar ayında qəzetin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmməd ağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı. Yuxarıda söylədiyim hikmət bu idi ki, nə “Şərqi-Rus” qəzeti Bakıya köçdü və nə Məhəmməd ağa Bakıya getdi. Axırda yüzlərcə abunə sahiblərinin abunə pulları sahiblərinə geri göndərildi və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. Həmin müvəqqəti dayanmaq, axırda əbədi oldu. Bu növ ilə “Şərqi-Rus” qəzeti öldü və Məhəmməd ağa da elə yadıma gəlir ki, Tiflisdən çıxıb getmək fikrinə düşdü. Elə yadıma gəlir ki, Bakıya getmək istəyirdi. Amma qəzet dayanandan sonra qəzetin o vaxta görə mükəmməl mətbəəsi də qaldı bikar və mətbəəçiləri də işsiz qaldılar, necə ki, idarənin xidmətçiləri həmçinin işsiz qaldılar. Bunu nəzərə almaq lazımdır ki, Məhəmməd ağanın idarəsinin fəal qələm köməkçiləri Ömər Faiq idi və mən idim (o vaxt Səməd ağa Qayıbov idarədən çıxıb getmişdi). Digər tərəfdən də “Şərqi-Rus” qəzetinin iki min manata yavıq borcu var idi. Amma söz buradadır ki, Məhəmməd ağa Şahtaxtlı yenə bir qədər pula möhtac idi və digər tərəfdən də bizim də pulumuz yox idi. Onunçün biz mətbəəni ələ gətirmək, gələcəkdə ondan istifadə etmək niyyətilə biz başladıq elə bir üçüncü yoldaş axtarmağa ki, o bir qədər pula malik olsun. Və tapdıq da. Bu üçüncü yoldaş naxçıvanlı möhtərəm Məşədi Ələsgər Bağırov oldu ki, o vədə də, indi də Tiflisdə ticarət əhlidir. Həmin yoldaş Məhəmməd ağaya bir qədər pul verməyi boynuna çəkdi və verdi də. Və həmin vaxtda ki, sənə min doqquz yüz beşinçi ilin yaz fəslinə təsadüf eləyir, biz, yəni mən, Ömər Faiq və Məşədi Ələsgər bir tərəfdən və Məhəmməd ağa o biri tərəfdən, notarius vasitəsilə razılaşdıq ki, mətbəə qalsın bizim ixtiyarımızda, bu şərtlə ki, qəzetin və mətbəənin iki min manat borcunu biz öhdəmizə götürək. Və mətbəəni bu şərtlə təhvilə götürəndən sonra onu haman “Peskovki” küçəsində qonşuluqda qeyri bir münasib evə köçürtdük və mətbənin rəsmi surətdə “Qeyrət” mətbəəsi adı ilə adlandırıb başladıq onu müvafiq-qayda işlətməyə. Və lakin mətbəəçilik o vaxtlar asan bir iş deyil imiş. Xüsusən bizim üçün ki, bu yolda heç birimizin heç bir təcrübəmiz yox idi. Və bu səbəbdən mətbəəni sazlamaq yolunda çox-çox səhvlər edirdik və bu səhvlər də bizə çox zərər verirdi. Odur ki, mətbəəni Peskovki küçədən qonşuluqda olan Krasnovodski küçəsinə köçürməyə məcbur olduq. Təzə köçdüyümüz ev ikimərtəbəli böyük bir bina idi. Alt mərtəbədə geniş otaqlarda mətbəəni yerləşdirdik. Üst mərtəbədə mən özümə mənzil qərar verdim. Eyni zamanda da üst mərtəbədə bir müxtəsər Leyli məktəbi əmələ gətirmişdik. Burada on beş-iyirmi şagirdə kimi cəm edib, bunları məktəblərə daxil olmağa hazırlayırdıq. Haman məktəbin də, – necə ki, “Qeyrət” mətbəəsinin də, – həmçinin rəsmi müdiri hökumət tərəfindən təkcə mən özüm idim. Buna da səbəb bu idi: həmin müəssisələri təsis etmək icazəsini o əsrin hökuməti bəlkə ancaq mənə verərdi və Ömər Faiqə verməzdi; bu cəhətə ki, mən hökumət, darülmüəlliminini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətləb burada aşkar olur. Xah mətbəə işlərimiz və xah məktəb işlərimiz bizə xeyli zərər verirdi. Çünki nə mənim və nə yoldaşım Faiqin maddi qüvvəmiz var idi, onunçün məxaricin və zərərin cümləsini üçüncü yoldaşımız Məşədi Ələsgər çəkirdi. Həmin Məşədi yoldaşımı hədsiz təşəkkürlərlə yad edirəm və deyirəm ki, bu yoldaşımız məşədi məsləkliyilə bərabər, o qədər ki maarifə və maarif yolunda xərc qoymağa həvəsi var idi, az bir qeyri məşədidə də belə həvəs ola bilər. Və hər hal, bizim “Qeyrət” mətbəəsinin möhkəmləşməyi yolunda da və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı. Mətbəəyə həmi kənardan sifarişlər qəbul edirdik, həmi öz əsərlərimizdən çap edirdik. Mən “Poçt qutusu”nu kitabça surətində çap etdirdim. Ömər Faiq “Qeyrət” adlı əsərini çapa verdi və bunlardan əlavə yomiyyə teleqrafları çap edib, əlahiddə vərəqələr surətində dağıdırdıq. Bu vaxtlar rus-yapon davası axıra yetişdi. Amerikanın Port-smut şəhərində rus və yapon hökumətləri mabeynində sülh əhdnaməsi bağlanırdı və az qalırdı ki, əhalinin qulağı müharibənin top və tüfəng söhbətlərindən və tökülən minlərcə qanların müsibətindən xilas olsun. Bu heyndə erməni-müsəlman davası başlandı. Dünya yenə bir-birinə dəydi və ələlxüsus ki, biz. Çünki mətbəəmiz, məktəbimiz və mənzilimiz erməni məhəlləsində idi, xeyli rahatsızlıq çəkdik. Qabaqlarda, – nə qədər ki erməni-müsəlman toqquşması Qafqazın qeyri şəhərlərində idi, – ümid edirdik ki, bəlkə, Tiflisə sirayət etməyə. Elə ki Tiflisdə hökumət tərəfindən məxsus şeytanlar və provokatorlar bu misli olmayan səfahəti və bədbəxtliyi Tiflisə də gətirdilər, bizim halımız çox yaman oldu. Bir tövr şagirdləri və əhli-əyalımızı köçürtdük qeyri bir məhəlləyə və evimizdən çıxıb qaçdıq. Və lakin ermənilər tərəfindən mətbəəmiz zəbt olundu və olundu da, sabahısı azad olundu. İntəhasız təşəkkürlə yad edirəm haman iki nəfər erməni cavanlarını ki, erməni məhəlləsində bizə mühafiz oldular və mətbəəmizin özümüzə qaytarılması barəsində qərardad etdilər. Kim idilər onlar və hansı firqəyə qulluq edirdilər? – Bizə məlum olmadı. Çün məqsəd burada erməni-müsəlman davasından rəvayət etmək deyil, onunçün bu söhbəti burada qoyub keçirəm əsl mətləbə. Ancaq bir nöqtə barəsində ikicə sətir də burada əlavə etmək istəyirəm: Erməni-müsəlman ədavəti, bu iki qonşunun tarixində qara səhifələrdir və qanlı bir yadigardır. Və keçmişdə hər nə olubsa keçib gedibdir, ən səmimi qəlb ilə və etiqadi-tam ilə deyirəm ki, daha o qara günlər bizim məmləkətdə həmişəlik bir qəmli yadigar olar və ancaq yadigar olacaqdır. Və o bədbəxtliyi yaradan, ona ruh verən hökumət əbədi puç olan kimi, bu iki qonşunun və iki qardaşın dəliliyi də həmişə puç olub gedibdir. Ancaq məni nigaran edən nöqtə bu olur ki, erməni-müsəlman münaqişəsindən söhbət açdıqda mən erməniləri türk mətbəəsinə hücum edən və mətbəə sahiblərini öz mənzilindən qaçırıb, erməni sərkərdələrinə mütetəci olan qələmə verdim. Və əhyana buradan ona işarə olmaya ki, erməni milləti hər bir nöqtədə hücum edənlər imiş və türklər ancaq ermənilərin hücumunu müdafiə edənlər imiş. Bu qədər var ki, bu yazı-pozular özü bir tarixdir və burada rəvayət olunan macəralar da, əlbəttə, tarixdir. Və çün burada qeyd olunan sözlər gələcəkdə müvərrixlər üçün, bəlkə də, xeyli lüzumlu bir material ola bilər, nə eyb edər ki, bəndeyi-həqir burada da bir mühüm məsələyə öz cavabımı səbt edəm. Aya, bu iki millətin bu ədavətdə bani hansı idi və müdafiəçi hansı idi və müqəssir hansı idi, məzlum hansı idi? Biz bu suala xah camaat içində və xah mətbuat vasitəsilə öz vaxtında yeri düşəndə lazımi cavab vermişik. Və hətta “Molla Nəsrəddin” məcmuəsinin birinci nömrəsində də bu ən mühüm və ən birinci məsələ barəsində öz nöqteyi-nəzərimizi elan etməyi lazım gördük. Məcmuəmizi yadda saxlayanlar və birinci nüsxəsini qeyb etməyib yadigar üçün saxlayanlar bilirlər ki, birinci nömrəsinin bir səhifəsində, sənə min doqquz yüz altıncı ildə aprel ayının altısında erməni-müsəlman davasının qızğın vaxtlarında biz bir belə şəkil çəkmişik: bir müsəlman kəndlisi öz inəyini bir rus soldatına təklif edir və əvəzində onun tüfəngini istəyir. Buradaca bir erməni kişisi yenə haman tüfəngli soldata bir paçka əskinas pul təklif edir və onun tüfəngini istəyir. Bu şəkil özü erməni-müsəlman davasında, bu il tayfanın bu davaya hazırlaşmaq həvəsini bərabər mizanda göstərir. Və xah o vaxtlar, xah ondan sonra, illər uzunu bu iki qonşunun bir-birinə olan ədavətini və onların bir-birilə vuruşmağını tədqiq etdikdə bunu gördük ki, əgər burada bir qəbahət varsa, o qəbahətə bu iki millət müsavi surətdə şərikdir. Və əgər bunların birisi bigunah və məzlumdursa, o biri də habelə günahsızdır. Pəs niyə bunlar, qabaqlarda, əsrlər uzunu bir-birilə qardaşçasına dolanan iki qonşu birdən-birə yırtıcı heyvan olub, bir-birinin canına daraşdılar? Hər bir kəs ki, o vaxt rus-yapon davasının nəticəsində zəif düşən çar hökumətinin vəziyyətinə və politikasına vaqif idi, o vaxt görə bilərdi ki, erməni-müsəlman ədavəti Peterburq siyasətinə xeyli əlverişli bir məsələ oldu; çünki Qafqazın bu iki güclü millətləri öz içəri dərdlərinə mübtəla olanda, əlbəttə, dəxi Rusiya hökumətinin politikasına qarışmağa vaxt tapa bilməzdi. Və sonralar erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirli materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar bir dəlillərlə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya hökuməti idi. Onunçün də bu iki qonşunun ən sədaqətli insan-dost və tərbiyəli ünsürləri, nə qədər bu ədavəti söndürməkdə təlaş etdilərsə, arada hökmfərma olan gizli şeytənət və provokasiyanın bərəkətindən bu zəhirmar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb bir nagəhan bəla oldu. Sənə min doqquz yüz beşinci ilin müddətində biz ancaq mətbəədə xüsusi sifarişlər qəbul etməyə və bir az müddət də teleqrafları çap edib paylamağa məşğul olduq. Zəmanə gəldikcə qarışırdı. Bir tərəfdən erməni-müsəlman davası bizi camaat işinə qarışmağa və iki millətin ədavətini söndürmək yolunda əlləşməyə məşğul edirdi, bir tərəfdən də Rusiya hökumətinin yapon müharibəsindən zəif düşdüyünü fürsət sayıb əzilmiş millətlər baş qaldırmağa başlamışdılar və hərə öz tələbatını ortalığa qoyub hökumətə ariz olmuşdu. Bir qədər vaxt ruznaməyə sahib olmağa ümidimiz gəlmirdi; çünki keçmişdə minlərcə zəhmətə düçar olub, bağlanan türk cəridələrini nəzərə alıb bu barədə tamamən naümid idik. Bilirdik ki, türk mətbuatını gözləri götürməyən sansorlar, Qaraxanov və kişmişovlar hələ ölməyiblər. Və nə qədər ki onlar ölməyiblər və sansorluqda vardırlar, ruznaməyə izn ala bilsək də, bir şey yaza bilməyəcəyik. İzn almaq da çox çətin bir əmr idi. Bunu görürdük ki, Hacı Zeynalabdin kimi o əsrin pəhləvanı “Həyat” qəzetinə izn hasil eləmək üçün Peterburqa, padşah yanına Bakıdan xüsusi adam göndərməyə məcbur oldu. Və bunu da görürdük ki, icazə alsaq da, “Şərqi-Rus” kimi ya ruhaniləri təməllüq etməyə məcbur olacağıq ki qəzetimizə prixod mollaları abunə olsunlar, ya da “Məzhər” qəzetinin sahibi Kamal Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. Bircə bunu bacara bilmirdik. Onunçün bir övqat teleqrafları çap etməklə, gələcəkdə təzə bir qəzavü-qədərə müntəzir olduq. Qəzavü-qədər də çox uzaqda deyil idi. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növ-növ azadlıq tələb edirdi. Hökumət də nə verə bilirdi, nə verməyə bilirdi. Onunçün də Rusiyada idarələr ümumi tətilə başladılar. Yollar bağlandı, tərəddüdlər kəsildi və Rusiya hökuməti 17 oktyabr manifesti ilə əhaliyə tamam azadlıq bəxş etdi. Həmin bu manifest əhalini bir növ sakit etdi. Və çün məlumdur ki, həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi, onunçün biz tək öz dərdlərini qələmlə meydana qoymağa həris olan yazıçılar – xah bizim millətdən, xah qonşu millətlərdən, – hökumətdən qəzet icazəsi istəməyə başladılar. Biz türklərdən bu icazəni istəyən Bakıdan Əhmədbəy Ağayev idi, Tiflisdən belə icazə istəyən Məhəmmədbəy Vəkilov, Rəşidbəy İsmayılov idi və yenə bir Nuxa əhli idi ki, adı gərək Mustafayev ola; Batumidən Məhəmmədbəy Sancaqbəyzadə idi və Tiflisdən də mən idim. Amma üç yüz illik Romanov hökumətinin istibdadı hələ polad kimi bərk idi. Elə bərk idi ki, dünyanın çalxanmağa hazırlanan belə bir əsrində genə qəzetə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. Çünki doğrudur, Bakıda Əlibəy Hüseynzadəyə və Əhmədbəy Ağayevə “Həyat” qəzetini nəşr etməyə icazə verildi, amma mənim və saydığım istidaçıların ərizələrinə hökumət tərəfindən bir xəbər çıxmadı. Mən həmin min doqquz yüz beşinci ildə icazəni istədiyim qəzetin adını “Novruz” qoymuşdum və ümidim bu idi ki, bir surətdə ki xalqa azadlıq verilibdir və bir surətdə ki təzə bir zamanə ortalığa gəlir, bəlkə bizim üçün də, həqiqətdə, təzə bir gün yazılıbdır. Və bəlkə də, hökumət insafa gəlib bu qəzeti bizə şəfaət eləməklə, bizim də “novruz”umuzun yavıqlaşmağına səbəb oldu. Bunu da demək istəyirəm ki, hərçənd qəzet çıxarmağa hökumətdən izn istəmişdim, ancaq bir tərəfdən bu icazəni ələ gətirməyə ümidim çox az idi; necə ki, elə də oldu. Doğrudur, Bakıda həyat qəzeti min doqquz yüz beşinci ilin yay fəslində intişara başladı, amma bu qəzetin icazəsi Qafqaz hökuməti tərəfindən yox, ancaq Peterburqdan verildi. Haman vaxt ki, Qafqazın canişini Vorontsov-Daşkovun Qafqaza təzə təyin olunmağını eşidib, Hacı Zeynalabdin bir baş Peterburqa Vorontsovun yanına məxsusi adamla ərizə göndərmişdi. Onunçün, necə ki yadıma gəlir, “Həyat” qəzetinə canişin Vorontsov-Daşkov sənə min doqquz yüz beşdə, hələ Tiflisə gəlməmiş icazə vermişdi. Digər tərəfdən həyatın birinci nömrələrini oxuyanda elə yadımdadır ki, mən çox da artıq təəssüf eləmədim, qeyriləri bir belə ruznaməyə sahib olurlar, mən ola bilmirəm. Burada mən qəzet sahibləri Əlibəyi və Əhmədbəyin yazıçılıqda çox məharətli olmaqlarını təsdiq edə-edə onların qəzetlərini o yerdə xoşlamadım ki, birinci nömrənin baş məqaləsində möhtərəm qələm sahibləri çox da islamdan və müsəlmançılıqdan dəm vururdular və elə bilirəm ki, səhv eləmərəm əgər desəm ki, adi bir islam mübəlliği kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində dəxi də sabit-qədəm və bərqərar olmağa dəvət edirdilər. Mən onu bilirəm ki, o vədələr milli intibah dövrü idi və o vədənin əhli-qələmləri və jurnalistləri “millət, millət” deməyə bir növ haqlı idilər (Söz yox, deməyə də bilərdilər). Ancaq islam tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən qurtarmamaqlarına, tək bircə islam dinini bais hesab edən bir dinsiz üçün o vaxt həyatın moizələri əlbəttə, genə xoş gələ bilməzdi. O səbəbə xoş gələ bilməzdi ki, qəzetdə bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim nə idi. Bə əgər heç bir şey deyil idi, məxsus avam camaatı qəzetə rağib eləmək idi. Mən o vədə burada da qəzet sahiblərini haqlı bilmirdim. Və bu barədə məsləkcə hətta “Şərqi-Rus” və “Həyat” qəzetlərini bir-birinə şərik təbir edirdim. “Şərqi-Rus” qəzeti də tiracın artmağı mülahizəsi ilə ruhanilərlə əlaqəyə girişməyi özünə rəva gördü. Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm. Və qələm götürdüm, ərzi-hal yazıb Tiflis qubernatoruna verdim və “Novruz” qəzetini nəşr etməyə içazə istədim. Bilmirdim, veriləcəkmi bu icazə, ya yox. Və lakin ürəyimin dərdi çox idi. Və Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki, şairlər deyən kimi: Yaza-yaza dərdimi aləmdə kağız qoymadım, Axırı bir guşeyi-divara yazdım dərdimi. Axırda mən də götürdüm, bir hekayə yazdım. Yazdım ki, bir bədbəxt müsəlman zəhmətkeşi – ki, onun adı Usta Zeynaldır, – o qədər dini cəhalətə cumubdur ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar. Təmiz odur ki, bitli-sirkəli də olmuş olsa, ancaq etiqadca müsəlman olsun, Əli şiəsi olsun və murdar odur ki, çox pakizə və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan da çıxmış olsa, bir surətdə ki o müsəlman deyil, ermənidir, rus və gürcüdür, o adam murdardır. Mən də kağız tapa bilməyib divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim. Və haman min doqquz yüz beşinçi ilin yay fəslində “Usta Zeynal” hekayəsini yazdım. Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim, niyə yazım və kimdən ötrü yazım?! Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izn verəcək. Və görürdüm ki, necə ki qəzet icazəsini almaq mümkün deyil, habelə də əl yazısını da kitab surətində birdəfəlik çap eləməyə senzor idarəsi mane olur. Və çarə nədir? Yazırdım ki, görək nə vaxt bu yazıları çapa vermək mümkün olacaq. Kim idi sansorlar? Elə bədbəxtliyin bir böyüyü də bu idi ki, bizim o vaxtın mətbuatının bir düşməni hökumət qanun və qərardadları ola-ola, o biri düşmənləri də Kişmişov kimi senzorlar idi. Bir vaxt Tiflis sansor komitəsinin həmin iki nəfər sansorları – ki, ikisi də erməni idilər, – Tiflisdə rus dilində nəşr olunan “Tiflisski listok” adlı bir qəzetdə türk mətbuatının ziddinə bir böyük kampaniya açmışdılar. Bu qəzet sahibi də Xaçaturov adlı bir erməni idi. Qəzet hərçənd rus dilində nəşr olunurdu, amma onun ikicə məsləki var idi: biri öz cibinə qulluq eləmək idi; digəri də erməni millətinin mənafeyini müdafiə etmək idi. Və insafla danışsaq, qəzetin sahibi bu iki məqsədin ikisinə də candildən qulluq edirdi. Qəzet gündəlik idi və rəsmi “Qafqaz” qəzetindən sonra şöhrətdə ikinci qəzet idi. Amma şəhər içində o qədər böyük tiraja sahib olmuşdu ki, qəzetin iki axırıncı səhifələri kiçik və böyük elanlarla dolu olardı. Və bu elanlardan qəzet sahibi o qədər pul qazandı ki, Tiflisin mərkəzində ali bir binanı satın aldı. Və qəzetin mətbəəsini, idarə və kantorasını və öz mənzilini orada yerləşdirdi. Necə ki, birinci məqsədi belə bir müvəffəqiyyətlə ələ gəlmişdi, erməni millətinin yolunda da can-dildən işləməkdə idi və erməni-müsəlman ədavəti ortalığa düşəndən sonra qəzet bu yolda çox həvəslə meydan sulamağa başladı. Yuxarıda adları zikr olunan Kişmişov və Qaraxanov sansorlar “Tiflisski listok” qəzetində türk mətbuatı əleyhinə həmişə kampaniya aparırdılar. Və həmişə Rusiya hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər ki, Qafqazda cəmi türk ədib və jurnalistləri “panislamistdirlər” və türk jurnalistləri Qafqaz camaatını islam bayrağının altına çəkmək istəyirlər və bu ittihadi-islam bayrağının da osmanlı sultanının əlində olmasını arzu edirlər və buna da çalışırlar. Xah “Tiflisski listok” qəzetinin bu kimi yazıçılarının məqalələrinin və xah qeyri bir yol ilə bu yolda təlaş edənlərin cidd-cəhdinin nəticəsi o oldu ki, axırda Bakıda “Həyat” qəzeti hökumət tərəfindən bağlandı. Bununla bərabər, Rusiya hökumətinin başı qarışdıqca, azadlıq axtaran millətlər və hökumətin zavalını arzu edən ünsürlər qəflətdə deyildilər. Bunlar cümləsi başlarını qalxızıb üsyana hazırlaşırdılar. Əmələlərin və idarələrin ümumi tətillərinin və hökumət məmurlarına qarşı başlanan sui-qəsdin arası kəsilmirdi. Və bu hal getdikcə o qədər şiddət elədi ki, Peterburq hökuməti məşhur “On yeddi oktyabr manifesti”ni elan etməyə məcbur oldu. Hərçənd bu manifestlə Rusiya təbəələrinə növ-növ azadlıq əta olunurdu, ancaq bu boş vədələrə camaatın o qədər də etimadı yox idi; necə ki, arasından bir az vaxt keçəndən sonra manifest mürurla ləğv oldu getdi və çar istibdadı genə qabaqkı kimi öz dövranını sürməyə başladı. Və lakin bu barədə çox az bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. Min doqquz yüz altıncı ilin radələrində, yadımdadır, hər bir kəs hər nə kefidir, yazmağa və nəşr eləməyə başladı. Və yadımdadır ki, qələm azadlığı o yerə çatdı ki, bir gün bazarda qəzet satan uşaqları “Kukureku” çığıra-çığıra şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus dilində çap olunurdu. Adı “Kukureku” idi. Və jurnalın haman gün rast gəldiyim bir nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı əsrin padşahı Nikolayın başı idi. Boğazı və bədəni xoruz idi. Şəklin təfsilatı indi yadımda deyil. Ancaq haman jurnal nömrəsi mənim üçün xeyli bir qiymətli yadigardır. Xudaya, yuxudurmu bu, ya eyni həqiqətdir?! Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb dünyaya nəşr etmək? Şəkli alıb qaçdım yoldaşımın yanına. – Faiq, hələ durmusan? Məgər durmalı əsrdir? Məgər dinməmək olar? Məgər fürsəti fövt etməkmi olar? Burada əsrin allahını şəkillərdə çəkirlər, onu xoruza oxşadırlar, amma bizi indiyədək qoymuyublar ki, nəinki padşahın şəklini çəkək, qoymuyublar onun ismini dua və sənasız zikr edək. İndi padşahı istehza edirlər, amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək; qoymuyublar başımızın üstünü kəsən minlərcə zorbazorların zülmlərindən bəhs edək; qoymuyublar islam millətini çürüdən və çürütməkdə olan milyonlarca müfsid həşəratların eyblərini açıb camaatı mütənəbbeh edək. Amma yoldaş Faiq, bu nədir, əsrin şahını gör nə günə salıblar! Bu qədər var ki, “Kukureku” jurnalında xoruz şəklində çəkilən Nikolay padşahla mənim işim yox idi. Və bu karikatura ilə artıq maraqlandığım ondan ötrü idi ki, dəxi qələmləri azad görürdüm. Bir surətdə ki əsrin padşahını, əhalinin yüzillərcə ölüsünün və dirisinin sahibi və qibləgahını xoruz şəklinə salmaq mümkün imiş, elədə pəs niyə durmaq və niyə dayanmaq və niyə fürsəti fövtə vermək?! Hələ Nikolay padşah bir saatlığa kənarda qalsın, pəs biz öz qibləgahlarımızı nə eləyək? Pəs biz öz padşahlarımızın kefini nə səbəbə sormuyaq? Biz öz qibləgahlarımızın niyə dərdinə qalmayaq? Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin məhəmmədəliləri ölübdürlər? Məgər şahzadə məhəmmədəlilər tək bircədirlər? Pəs hədd-hesabsız prinslər, xanlar, sultanlar, hakimlər və məmurlar Nikolaydan geri qalırlar? Bunlar keçəndən sonra rəs əmmaməli həşəratı nə eləyək? Pəs onlar nə vaxtadək cənnət, abi-kövsər vədəsilə bədbəxt islam camaatının qanını soracaqlar? Pəs nə vaxtadək avam camaatı məscid moizəsinə və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar? Onunçün Nikolay padşahla o qədər işimiz yox idi; çünki bunu da görürdük ki, rus padşahı və Rusiya istibdadını bizdən də çox qüvvətli olan şimal və xaçpərəst qələm yoldaşlarımız iti qələmlərinin nişanəsinə qoymuşdular. Amma bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi və şəriət zülməti idi, vətənimizin İran tərəfində sultanların, şahların “keyfmayəşa”sı idi, müctəhid və şeyxül-islamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi. Və min-min bu qisim həşəratünsürlər meydanda özlərini tək görüb və camaatı cəhalət qaranlığında kar və kor görüb meydan sulamaqda idilər... Hətta Nikolay səhldir. Bu bir padşahdır ki, bunu xoruza da oxşatmaq olar və hətta bunu vurub taxtından yendirmək də olar. Hətta şahlar da və sultan da qolaydır; bunları da yox eləmək olar. Digər əmmaməli şah və sultanlarımızı: pəs şəriətmədarları və fazilləri nə eləyək? Dindar camaatı hələ başa salmaq olar ki, şahsız və sultansız məmləkət şura üsulu ilə idarə oluna bilər. Pəs şəriətmədarlar və din mühafizləri barəsində avam camaata nə deyək? Və necə dindar adamı başa salaq ki, bunların vücudu nəinki lüzumsuzdur, hələ bəlkə məzərrətlidir. Paho, nə danışırsan və kimin sözünü danışırsan? Sənin sözündən qan qoxusu gəlir. Kimin sözünü danışırsan? Mollaların? Axundların? Onlara bu minillərcə kimsə bata bilməyib. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. Hələ “Şərqi-Rus” qəzeti əsrini demirəm ki, molla və axundların həmin cəridə ehtiramını da saxlamağı lazım görürdü. Hətta min doqquz yüz beşinci il oktyabrdan da sonra türk cəridələri mollaların nüfuzundan özlərini uzaq saxlaya bilmədilər. Və onların dindar ümmətlərinin və təbəələrinin xatirəsi üçün əksər övqat özlərini dinpərəstliyə də vururdular. Bakıda “Həyat” qəzeti öz baş məqalələrində osmanlı xəlifəsini islam ümməti üçün qibləgah qərar verirdi; şəriət hamilərini və qaziləri “həzrət” adlandırıb, kəmali-ehtiramla onlara təməllüq edirdilər. Və haman oktyabrın manifesti camaata azadlıqlar mücdəsini elan edəndən də sonra “Həyat” qəzeti Molla Əbutürab Axund oğlunun “Bizə hansı elmlər lazımdır” sərlövhəli kimi məqaləsini dərc edirdi. Və bu məqalədə müqəddəs əhli-qələmimiz yazırdı ki: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmala yetiriblər, amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasi ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər... hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”. Girəm ki, bu sözlərə “Həyat” qəzeti sahibi o zəmanəyə görə kafi bir cavab veribdir. Ancaq bu məsələ barəsində mütəəssib və nadan islam camaatı mühitindəki Axund Əbutürablar məscid və minbərə iktifa etməyib, hələ genə qəzet sütunlarında da onlara yuxarı başda yer verirdilər. Genə deyirəm ki, on yeddi oktyabrın azadlıq suru çalınanda və Nikolay padşahın şəkli xoruz şəklində jurnallarda çəkilən zaman mənim zehnimi məşğul edən o qədər sultanlar və padşahlar deyil idi, nə qədər ruhanilər idi. Çünki mən bilirdim ki, islam millətləri içində nə qədər ki şəriətin ehkamı caridir, nə qədər ki şəriət sahibləri məscid və minbərlərdən camaatı behişt və huri vədələri ilə iğfal etməkdədirlər və nə qədər ki avam müsəlman ümmətləri din mövhumatı içində çürüməkdədirlər, o qədər də onların gözü açılmayacaq ki, yaxşı ilə yamanı seçə bilsinlər və azadlığın qədrini bilə bilsinlər. Və bilməyincə də məlumdur ki, azadlıqların heç birindən istifadə edə bilməyəcəklər. Vaqeən – necə ki, hal-hazırda – həmçinin o zaman, Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi, burada da insana bir mayeyi-gülünc və məzhəkə üz verir. Vaqeən, damın üstündə paltar sərən bir kəndli müsafirətindək geri qayıtmağına məgər gülməməkmi olar? Yaxud rəxti-xabda uzanıb gözlərini axıda-axıda dodaqları ilə dua vird edən bir xəstənin namaz qılmağı məgər gülünc deyil? Və belə gülünc bir zamanda, belə quli-biyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”in yaranmağı təbii deyil? “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı. “Molla Nəsrəddin”in birinci nömrəsi Və elə ki fürsət ələ düşdü, o zamankı azadi-tələb firqələr müharibədən zəif düşmüş Nikolay hökumətinin üstünə hücuma başladılar. O vaxt biz də vaxtdan istifadə edib özümüz üçün bir zəminə axtardıq ki, orada biz də öz dərdi-dilimizi deyə bilək. Və lakin çar hökuməti ilə mübarizəni hələ ikinci növbəyə buraxdıq. Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz və nadirülvücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti-qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustadanə fırçası ilə təsvir etsin. Və isəvi tarixinin min doqquz yüz altıncı ilində aprel ayının yeddisində səhneyi-intişara qoyulan birinci “Molla Nəsrəddin”in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı. Burada yatanlar haman bizim bədbəxt millətimizdir; hərçənd dünyada bədbəxt və lakin axirətdə cənnət sahibi müsəlmanlardır. Həmin xoşbəxt Allahın bəndələri bərk yatıbdır. Hərçənd Nikolay, müharibədən sınmış və yorulmuş Nikolay, inqilab ehtiyatı təsiri altında müvəqqəti olaraq camaata azadlıqlar elan edibdir, xoşbəxt müsəlmanlar yatıblar. Hərçənd Nikolay padşah bu manifesti min cür bəhanə ilə geri almaq istəyir, behiştliklər hələ yatıblar. Gürcülərin hökumətə qarşı tulladıqları bombaların gurultusu hərdən bir yatmışları, deyəsən, yuxudan dəbərdir. Amma genə yatıblar, çünki yuxu çox şirindir. Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxular görürlər: budur, cənnətin qapısı açılıbdır və cənnətin sahibləri peyğəmbərlər və imamlar özləri də orada səadətin içinə cummaqdadırlar və həmin mömin ümmətlərini də uzaqdan görüb öz yanlarına dəvət edirlər. Burada hər bir nemət mühəyyadır. Haman nemətlər ki, əvvəl Quran və sonra müctəhidlərin və fazillərin kitablarında bəyan olunubdur. Necə cənnət! “Tücri min təhtihəl-ənhar”, orada ağacların altında nəhrlər axacaqdır, “xalidinə fiha”. Bu nemətlər və bu səadət cənnətdə daimidir və heç bir vaxt olmayacaq ki, bu səadətin intəhası olsun... Amma hamısı da yatmayıb: gərnəşənlər də vardır, oyanmaq istəyənlər də vardır. Bu mənzərəni gördükdə Molla Nəsrəddin birinci nömrəsinin baş məqaləsində üzünü tutur həmin yarıyuxulu, yarıoyaq müsəlman qardaşlara və deyir: – Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Molla Nəsrəddin bunu bilir ki, müsəlman qardaşlar çox da qəzet və jurnal oxumağa həvəsli deyillər. Və Molla Nəsrəddin bilir ki, onun müsəlman qardaşları Molla Nəsrəddin əminin qəzetinə etina eləməyəcəklər, necə qeyri qəzet və jurnalları oxumağa da etina eləmirlər. Və həmin mömin müsəlman qardaşlar qəzet oxumaq əvəzində, gedəcəklər fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ əməllərə. Hərçənd Molla Nəsrəddinin müsəlman qardaşları onun qəzetini oxumaqdan qaçandırlar, bununla bərabər, Molla Nəsrəddin üzünü dindar qardaşlarına tutub deyir: – Sizdən ötrü gəlmişəm, qeyrilərindən ötrü gəlməmişəm. Yəni qəzet və jurnala həris olanlar üçün gəlməmişəm, maarif dostları üçün gəlməmişəm, mədəni və elmli müsəlman qardaşlar üçün gəlməmişəm, fala baxdırmağı lazım bilməyənlər üçün gəlməmişəm. Əlbəttə, elədir, əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhli-irfanla dolu olsa idi, o vədə dünyada heç “Molla Nəsrəddin”in özünə də lüzum görsənməzdi; çünki hükəma deyiblər: “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”. Bu bir neçə söz birinci nömrənin baş məqaləsində dərc olunubdur. Çünki “Molla Nəsrəddin” məcmuəsi o vaxt birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə bərk yendirdi ki, adını müsəlman qoyan bəndə, barmaqları ilə qulaqlarını tutub Molladan qaçmağa və bu mürtədin sözlərini eşitməməyə üz qoydular. Vaqeən, elə də oldu: “Molla Nəsrəddin”in birinci nömrəsinə nəzəri çatan əhli-iman müsəlman qardaşlar bu “dinsiz” məcmuədən qaçmağa başladılar. Ta o dərəcəyə ki, aradan bir-iki il keçəndən sonra məcmuənin tiracı əksilməyə başladı. Dini mövhumatla mübarizəyə çıxan bir cəridə, ətəbat müctəhidlərinin təkfir çomağına düçar olan bir cəridə, digər tərəfdən o zaman böyük hörmət və nüfuz sahibi olan bəy və xanların nifrətini qazanmış bir cəridə və bunlardan başqa, hər küçə və bazarda dərviş, seyid və Hacı-məşədinin düşməni olan bir cəridə, dəxi ümum kütlələr və hizblər içində rövnəq tapa bilməzdi. Zira ki o vədə bir tərəfdən qaranlıqda, savadsızlıqda qara ömürlərini sürən zəhmətkeş tayfaları maarifdən və qəzet-jurnala yavıq düşməkdən xeyli uzaq idi və digər tərəfdən də, bu nüfuzsuz zəhmətkeşləri çıxandan sonra, camaatın yerdə qalan ünsürləri haman Əli şiəsindən və sonra da bəy və xandan və bunların tərəfdarlarından ibarət idi. Bununla bərabər, qulaqlarını tutub qaçanlar, qaçdığı yerdə uzaqdan durub məcmuəmizə hərdən bir baxırdılar da və orada yazılanları və orada karikatur surətində çəkilmiş öz şəkillərini görəndə qah-qah çəkib gülürdülər də. Hərçənd güləndən sonra lənət də oxuyurdular və hərçənd nifrət də eləyirdilər və bu lənət və bu nifrətdən sonra genə gülürdülər, amma nəyə gülürdülər və kimə gülürdülər? Bu barədə həmin baş məqalənin bir yerində o vədə yazmışdıq: – Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza... Məcmuəmizdə dil məsələsi Necə ki oxucularımıza məlumdur, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar. “Ana”nı “madər” yazanlar və “ata”nı “pədər” yazanlar, dəxi qeyri türk sözlərini də habelə səbəbsiz yerə fars və ərəb sözünə dəyişirlər. Belə ki, “nəvə” yeri “həfid”, “ehfad” yazırdılar və yazırlar. Və “ata-ana” sözünə cızıq çəkib “valideyn” yazırdılar və yazırlar. Hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indi də yeyirlər. Və necə sözləri bir-bir dəyişdirirdilər və indi də dəyişdirirlər, habelə türk dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri və qanunlarını işlədirdilər və indi genə işlədirlər. Hələ “pədər” və “madər” və “nan” kimi sözlər səhldir. Ərəb və fars dilindən elə bir xoruz səsi eşitməmiş kəlmələr və ibarələr lüzumsuz yerə işlədirdilər (necə ki, indi də işlədirlər) ki, dəxi onları ərəb və farsca az savadlılar oxuyub başa düşmürdü. Və bu icad etdikləri qatış-bulaş dilin adını “ədəbi dil” qoyub açıq ana dilini “çoban dili” adlandırırdılar. Məlumdur ki, bu ibarəli yazmaq şivəsi bizə Türkiyədən keçibdir və osmanlı ədəbiyyat tarixinə aşina olanlar bilirlər ki, Türkiyədə qədimül-əyyamdan osmanlıların yazıları ərəb dilinə o qədər yavıqdır ki, əgər orada “iştə”, “şu” və “dır”, “lar” olmasa, osmanlı dilini ərəb dilindən seçmək olmaz. Osmanlının məşhur və müqtədir şairlərinin qəliz yazmağı, ibarəli yazmağı zərbülməsəl olubdur. Qəliz və ibarəli yazmağın mənası budur ki, sözlərin cümləsi ərəb sözləri və tərkiblər ərəb tərkibidir. Və hətta ərəb dilinin nəinki o sözləridir ki, bizlər onu azdan-çoxdan Quranda və ərəb kitablarında görmüşük. Ərəb dilini qurtdalayıb, ərəb lüğətlərindən elə bir az eşidilən və az işlənən sözlər tapıb işlədirdilər ki, çox vaxtda lüğət kitablarında da o sözlər işlənmir... Biz molla nəsrəddinçilər dil barəsində yuxarıda bir neçə ibtidai sözlər deyib buna iktifa etmirik və il barəsində ümumiyyətcə fikrimizi bir bu qədər müxtəsər bəyanatla məhdud etmək istəmirik. Biz bu əqidə deyilik ki, o dil ki biz onunla “Molla Nəsrəddin”i meydana gətirib və onunla da məcmuə yazmağa iqdam etmişik – bu dil ümum türk xalqı üçün arzu etdiyimiz bir dildir. Bizim türk tayfaları üçün ümumi bir dil, ədəbi bir dil mühüm məsələlərin biridir və hətta – elə zənn edirəm ki, – ümum türklər üçün, ümum bir dil yaratmaq və bir imla yazmaq onlar üçün, təzə əlifba yaratmaqdan çətindir. Vaqeən, necə olsun? Bu ola bilərmi ki, Naxçıvandan birisi çıxıb başlasın Naxçıvan şivəsinə yavıq bir dildə yazsın, məgər bu dili naxçıvanlılardan başqa uzaq bir ölkələrin türk camaatı oxumayacaq? Habelə qeyrilərin şivəsi. Hələ tək bircə Qafqaz türkləri üçün ümum bir dil məsələsinin həlli genə səhldir, pəs osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir. Və lakin bunu gərək heç bir insan əhli unutmaya ki, gec-tez Türkiyədən bizlərə gəlib çatan qədim ədiblərin dillərindən lüzumu olmayan, çətin ərəb və əcəm sözlərini, ibarələrini çıxardıb tullamaq çox da vacibdir. Bundan o çıxmır ki, biz avama məxsus bir dil və bir ədəbiyyat istəyirik; xeyr, biz ancaq onu deyirdik ki, indiyədək qəliz ərəb sözləri ilə zibillənmiş bədbəxt türk dilini təsfiyə etmək lazımdır. “Molla Nəsrəddin”in dilinə gəldikdə, burada məsələ bambaşqadır. “Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflisdə təşkil olundu. Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir. Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklərin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər; elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Və atalarımız deyən kimi: Ağıllı ağıl eliyincə Dəli vurdu Kürü keçdi. Və bizim dilçilərimiz ədəbi, fənni, akademik dili axtarınca “Molla Nəsrəddin” də açıq və sadə türk dili ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı. Bu cavablar bizim üçün tək bircə həqiqəti təsdiq etməkdə idi ki, yazdığımız dil “Molla Nəsrəddin” məcmuəsi üçün gərək haman sadə və açıq dil olmalıdır. Bu haman dildir ki, iyirmi üç ilin müddətində biz haman “Molla Nəsrəddin” dilini tutub gedirik. Və bu 23 ilin təcrübəsi bizə bunu göstərdi ki, əgər məcmuəmiz türklərə çox asanlıqla dağılıb öz sözünü onlara çox açıq vəchlə yetirə bildi, bunun səbəbi məhz məcmuənin asan dilidir; onunçün də bu yolda biz bərk-bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik. Və kim bilsin: bəlkə, məcmuəmizin asan dilinin camaatımıza olan mənfəəti və xidməti biz güman etdiyimizdən də artıqdır. Bunu bilmək lazımdır ki, bütün islam aləmində ümumən və Qafqaz müsəlmanları içində, xüsusən, ərəb əlifbasının çətinliyi səbəbindən və habelə dəxi qeyri səbəblərdən savad işləri həmişə tənəzzüldə olubdur. Və əlinə qələm götürüb bir mətləb yazmaq istəyən bir Allah bəndəsi bilməyib yazını nə dildə və nə ləhcədə yazsın və dilin imla qanunlarına necə riayət etsin və müxtəlif sövtləri hansı hürufat şəklinə salsın; onunçün də indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır. Cəmi bu qisim kəmcürət savadlılarımıza “Molla Nəsrəddin” məcmuəsi bir nümunə və bəlkə, bir dəlil və rəhnüma oldu. Paho! Belədəmi yazarmışlar?! Bu ki asan iş imiş! Belə mən də ki yaza bilərmişəm! Və yazdılar da. “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. Bunlar haman bədbəxt cavanlar idi ki, neçə il dərs oxuyandan sonra genə özlərini yazı yazmağa müqtədir hesab eləmirdilər. Səbəb bu ki, indiyədək yazı yazmaq İran türkləri arasında ancaq fars dilində olub, Türkiyədə məhz şəhərlərdə ərəbixan “bir qaç” ədib və şairlər tərəfindən “ərəblənmiş” türk dilində olubdur və bizlərdə də uzun illər müsəlmanca təhsilkərdələr qələm sahibi olublar. Əlbəttə, bu dil ki biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də, sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də. O vədə cəmi türk kütlələri üçün ümumi və ədəbi dil məsələsi bizi məşğul eləyə bilməzdi, çün hərənin bir məqsədi və şüarı olan kimi, bizim də şüarımız dil yaratmaq deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi, necə ki, yetirdik. Yetirirdik də və cavab da alırdıq ki, sonra hədd və hesabsız müxbirlərin əks-sədası bu sözümüzə bir şahid oldu. Utanmadıq Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq və şərt də budur ki, açıq yazmaqdan utanmadıq. Birinci nömrəmizin baş məqaləsində yazmışıq ki: “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir; çünki yazanın savadının azlığına dəlalət edir”. Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq; çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi “ana” sözünü bir yerdə yazmaqdan utanır; “ana” yerinə “madər” yazır. Ancaq biz “ana” yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanırıq? Və xülaseyi-kəlam, yazımızı yazmaqda biz tək dünyada, yazı yazmağın ən birinci qanununu pozmaqdan qorxurduq: biz qorxurduq ki, yazımızı türk camaatı çətin başa düşə. Biz çalışırdıq ki, yazımızı hər bir kəs asan və tezliklə başa düşsün və güman edirəm, məqsədimizə də çatdıq. Dil barəsində bu bir neçə sətri də burada dərc edib, keçək özgə mətləbə. Məlum olur ki, bu cür asan “Molla Nəsrəddin” dilini də yazmağı bacarmalıdır. Necə ki bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əlibəy Hüseynzadədən eşitdim. Əlibəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə idarəmizə də təşrif gətirdi. Xoş-beş... Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əlibəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bir sözü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əlibəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özünə genə dedi: “Açıq yazmağı” da bacarmaq lazımdır. Birinci nömrədə dil barəsində müqəddimədən sonra keçdik bu məsələlərə. İstixarə O vədə yaşadığımız əsr istixarə əsri idi. Əhli-iman qardaşlarımız istixarə etməmiş bir işə qədəm qoymazdılar. Onunçün də “istixarə”yə gülmək, təhzil etmək babətindən, müştərilərimizə üzümüzü tutub onlara etdiyimiz nəsihətlərin birinci bəndi budur: əvvəla, məcmuəmizə müştəri olmaq üçün lazımdır istixarə etmək. Söz yox, bizim həmin ixtarımız mömin qardaşlara xoş gələ bilməzdi. Çünki məlumdur ki, istixarəni, adətən, mollalar quran vasitəsilə eləyirlər. Buradan bir haşiyə çıxmağı lazım bilirəm. Necə ki Tiflisdə Mollanın intişarı şəriətmədarların əlinə təkfir çomağı verdi, habelə min doqquz yüz iyirminci ildə “Molla Nəsrəddin” Təbrizdə nəşr olunan zaman haman ilin birinci nömrəsində “istixarə” məsələsi genə gülüncə qoyulmuşdu. Söhbət Təbrizin fahişəxanaları barədə idi ki, bu məsələyə həsr etdiyimiz məqalədə yazmışdıq ki: “Keçən vaxtlarda Tiflisdə müsəlman məhəlləsində fahişəxanalar var idi. Və müsəlman camaatı qabaqca fahişəxananın məhəllədən kənar olmağı barədə “istixarə” elədilər. Bir dəfə istixarə bəd gəldi. Və camaat fahişəxananı göçürməyi rəva görmədi. Amma bir az vaxt keçəndən sonra yenə “istixarə” elədilər. Və bu dəfə istixarə xoş gəldi və məhəllə əhli qərar qoydu ki, fahişəxananın məhəllədən köçürülməsi yolunda hökumətə müraciət etsin. Etdilər də və fahişəxananı köçürtdülər də”. Elə ki birinci nömrəmiz Təbriz şəhərində intişar olundu, camaat bir-birinə dəydi və dükan-bazarı bağlayıb məscidlərə cəm oldular. Vaveyla va şəriəta! “Molla Nəsrəddin” “istixarə”ni məsxərəyə qoyub! Va şəriata! Əgər fazili-möhtərəm Siqətil-islam ortalığa düşməsə idi və avamı başa salmasa idi ki, “burada Molla Nəsrəddinin məqsədi istixarəyə gülmək deyil, fahişəxanaların məzərrətini göstərməkdir”, bilmirəm, axırda nə qiyamət qopacaq idi. Söylədiyim Siqətil-islam haman Siqətil-islamın doğma qardaşıdır ki, onu Şücaüd-dövlə məlunun əsrində Təbrizdə rus hökuməti, qeyri bir neçə azadixah mücahidlərlə bir yerdə dar ağacından asdırıb edam etdirdi. Haman ixtarımızda ikinci nəsihətimiz bu idi ki, camaat dəmir qələmlə və rus mürəkkəbi ilə idarəmizə kağız yazmasın, Təbriz mürəkkəbi ilə yazsın. Bunun mənası bu idi ki, o vədə iman əhlinin əksəri rus mürəkkəbini murdar hesab edib, ondan qaçırdılar və Təbrizdən gələn qara rəngə qəmişi batırıb diz üstə hıqqına-hıqqına yazı yazırdılar. İxtarın üçüncü bəndi murdar və təmizlik məsələsidir. Biz belə yazmışdıq: “İdarəmizə göndərilən abunə pullarına gərək poçta qulluqçularının əli dəyməsin; çünki şayəd qulluqçuların əlləri tərləmiş və yaş ola, belə olsa, o vaxt idarəmiz məcbur olacaq o pulları suya çəkib təmizləsin; bu da ki artıq zəhmətdir”. “Murdar” və “təmiz” söhbətləri, indiki əsrdə hələ bir qədər köhnəlibdir və bir az da keçəndən sonra “Molla Nəsrəddin”in birinci nömrəsində yazılan murdar-təmiz nəsihətləri əfsanə kimi hekayə olar. Və lakin haqq və həqiqətdir. Və nəinki o vədələr, hətta indi də dindar müsəlman qardaşlar rus və erməninin yaş əlini murdar, müsəlmanın yaş əlini təmiz və rus, gürcü yağını və pendirini murdar və müsəlmanın yağ və pendirini pak hesab edirlər. Bu sözlər indi ola bilər ki, qəribə görsənə, amma belədir. İxtarın dördüncü bəndi genə dil məsələsinə gəlib çıxır. Orada yazmışdıq və məsləhət görmüşdük ki, idarəyə göndərilən yazılarda bir kəlmə də türk sözü olmasın. Ondan ötrü [ki, ] türkcə yazmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Həmin dil məsələsi də, indi təzə məsələ deyil. Amma o vaxt bu məsələni qalxızan, bu məsələ üstdə danışan hələ yox idi. Hər kəs başını aşağı salıb öz bildiyini yazırdı. Və lakin həmin vaxt bizim nəzərimizə gələn bu idi ki, əhli-qələmlərimizin əksəri, doğrudan da, ibarəli yazmağa mayil idi. Və ola bilər ki, asan və türkcə yazmaqdan o səbəbə qaçırdı ki, türkcə yazanlar az savadlılar idi. Aşkar bir mətləbdir ki, hər bir kəs qələmi əlinə alanda təhsil etdiyi ərəb və fars dillərindən mümkün olduqca və yeri gəldikcə, çətin və asan, hansı olursa-olsun, ancaq ərəb və fars kəlməsi olsun, öz yazdıqlarını həmin bu dillərin ibarələri və kəlmələri ilə doldurardılar. Hərçənd belə bir yazıçılarımız həqiqi yazıçı və yazı ustadları deyil idilər, amma xalqın nəzərində alim görsənirdilər. Doğrudan da, elə olurdu ki, bir kəs, xüsusən savadı az olan bir kəs, çətin və ibarəli və anlaşılmayan belə bir yazını oxuyub qanmayanda da yenə buna “pəh! pəh!”-deyirdi. Və hərçənd bu yazıdan feyziyab olmurdu da, genə bu yazının sahibini “elmli” zənn edirdi. Bu qəbil yazıçıların bir hissəsi, bəlkə, az hissəsi dərin ərəb və fars dillərini təhsil etmiş mollalar idi. Amma Şərq və ərəb dərslərini oxumuş yeniyetmə intiligent türk cavanlarının da əksəri bu dərdə giriftar idi. O vaxt Bakı və Tiflisdə yazıçılıqda şöhrət tapmış yazıçılarımız asan və sadə türk dilindən qaçmaqda idi. Və çün bu dil məsələsi barəsində biz qabaqlarda da xeyli yazmışıq və digər tərəfdən də məsələnin özü indi o qədər əhəmiyyət qazanıbdır ki, bu barədə uzun-uzun yazmaq və danışmaq lazım gələcəkdir, onunçün biz də burada hələlik bu qədər danışmağı kafi hesab edib, keçirik o biri mətləblərə. İxtarın beşinçi və axırıncı məsələsi xeyli maraqlı bir məsələdir. Yazmışdıq ki: “Aşağıda ad verilən günlərdə məcmuəmizə müştəri olmayınız; çünki bu günlər nəhsdir. Və hər kəs bu günlərin birində bir işə iqdam etsə, o işdən bir xeyir görməz”. Hansıdır o günlər? Belə nəhs günlər çoxdur; çünki qorxaq və ruhu əzilmiş mütəəssib, fanatik, cahil müsəlmanlar öz işlərində və iqdamatında hər bir dəfə ki başladıqları işdən zərər görüblər, elə biliblər ki, burada müqəssir haman gündür. Və o bədgüman günün adını “nəhs” gün qoyub onu təqvimlərdə də qeyd ediblər. Belə ki, axırda haman nəhs günlər o qədər çoxalıbdır ki, az qalıbdır bir ayda otuz gündən də çox olsunlar. Günlərin mənhus və məsud qismə bölünməkləri xüsusunda şəriət kitablarında və müctəhid risalələrində müfəssəl səhifələr həsr olunubdur. Və o qism mətbuatın və xüsusən Hacı Nəcmüddövlənin təqvimlərinin təsiri o olubdur ki, cahil müsəlman ümməti, bir işə iqdam etməmişdən və bir səfərə çıxmamışdan, dəfəatla təqvimlərə müraciət və axundlara istixarə elətdiriblər; ta o yerə kimi, bu vadidə pak və dindar müsəlman ümməti içində elə bir məzhəkələr törəyibdir ki, onun hər bir parçasından neçə-neçə nüsxə “Molla Nəsrəddin” kimi məzhək məcmuələr yaradıla bilərdi. Vaqeən bu gülüncək Allah bəndələrinin belə-belə oyunbazlıqlarından bir yox, neçə-neçə “Molla Nəsrəddinlərə” material tapıla bilərdi. Vətən qardaşlarımın bu yolda başına gələn “nəhs saat” və “xoş saat” mərəkələri ilə nə işimiz var ki, bu növ mərəkə və iftizahlar həmişə hər birimizin öz başına gəlibdir. Burada oxuculardan üzr istəyib öz qabağıma çıxandan bir şəmmə nağıl eləməyə icazə istəyirəm. Miladi tarixinin min səkkiz yüz həştad səkkizində, avqust ayında Qafqaz maarif rəisinin qərardadı mocibincə, mən on doqquz yaşında bir cavan İrəvan qəzasında Uluxanlı qəsəbəsində birinci dərəcəli məktəbə müəllim təyin olundum. Mən o vaxt vətənim olan Naxçıvanda yaşayırdım. Üç ay ondan müqəddəm Qori darülmüəlliminini bitirmişdim və belə bir vəzifəni almağa müntəzir idim. Məlumdur ki, bu qərardad, mənim təzə müəllimlik mənsəbinə sahib olmağım xəbəri, məni xeyli həvəsləndirdi və cavanlıq şövqü ilə İrəvan səfərinə hazır olmağa başladım; bir surətdə ki, rəisin hökmünün məzmunundan belə məlum olurdu ki, bir həftəyədək özümü məktəbə yetirim. Bu söhbət, təqribən, avqust ayının ortalarında olardı və üç günün ərzində paltar-boxçamı bağlayıb istədim fayton danışam və yol yoldaşı axtaram. Bunu da deyim ki, xeyli dindar ata və anam məndən bixəbər yola çıxmaq vaxtını xoşlamışdılar və Molla Əlinin göstərməsi ilə və istixarəsi ilə yola çıxmağımı bilmirəm, o ayın neçəsinə təyin etmişdilər. Amma dayım haman günə qail olmadı. Çünki hərçənd elm və savadda dayım Molla Əliyə çata bilməzdi, amma fəzilətdə və dindarlıqda Molla Əliyə “peryod” verə bilərdi. Faytonçu Mürsələ üç yoldaş hər birimiz bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin bizi aparsın, amma dayım sifariş elədi ki, ayın iyirmi doqquzu “təhtəş-şüa”dır, o günü səfərə çıxmaq olmaz. Haman günü getməyimiz baş tutmadı və faytonçunun haqqını hərəmiz on şahı artırdıq və binanı qoyduq ki, filan gün gedək. O günü valideynimiz də xoşlamışdı, qonşumuz Məşədi Məhəmməd də xoşlamışdı və hətta dayım da təsdiq eləmişdi. Və lakin yoldaşlarımızın birisinin atası gedib Hacı Molla Tağıya haman günü istixarə elətdirmişdi. Hacı Molla Tağı istixarə ilə yox, Hacı Nəcmüddövlənin təqvimindən bunu istinbat eləmişdi ki, o günü yola çıxmaq yaxşı deyil; çünki hər ayın üçüncü günü nəhsdir və hər bir iş başlamaq kimi, yola çıxmaq da məsləhət deyil. Bu xəbəri anam da eşidən kimi, dinməz-söyləməz, marfacımı açdı və şeyləri bükdü qoydu yerinə. Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı-üç şahı qoymaqla razı elədik ki, iki gün də gözləsin. Və üçüncü günü qonşularımız və cəmi dünyagörmüş hacı və məşədilərin məsləhəti ilə genə bir günü seçdik və faytonçuya xəbər elədik ki, ta “bu xına o xınalardan deyil”. Vaxt keçdi, sentyabr ayı gəldi yetişdi və mənə vüsul olan təyinnamədə göstərilən müddət gəldi çatdı. Haman gun ki sübh tezdən yola düşəcəkdik, atam gəldi evə və xəbər verdi ki, “sabah yola çıxmaq olmaz: çünki sabah qəmər əqrəbdədir”. Xülasə, sabahı da qaldıq. Amma eşitdik ki, faytonçumuz üç nəfər erməni tələbəsini götürüb İrəvana gedibdir. Sentyabrın səkkizində faytonçu Qulamhüseyn atları qoşdu, gəldi durdu qapımızda, Faytonda Məşədi Cəfər də əyləşmişdi. Bu da Şərur qəzasına Baş Noraşen qəsəbəsində alverə gedirdi. Şeylərimi də qardaşlarım bir-bir gətirib yığırdılar faytona. Mən anamla qucaqlaşıb çıxdım küçəyə. Bu heyndə Axund Molla Tarıverdi evlərinin tərəfindən çıxıb gəldi, bizlə bərabər oldu və bizi yol üstə görüb çox təəccüb elədi və üzünü atama tutub dedi: – Məşədi Məhəmmədqulu dadaş, mən sənə təəccüb edirəm ki, sən nə səbəbə bugünkü gündə bu tifil uşağı (yəni məni) yola salırsan? Məgər bilmirsən ki, bu gün “əyyami-səkkiz ulduz” günlər qəbilindəndir? Məgər qorxmursanmı ki, yolda ya at götürüb qaça, uşaqlar qala təkərin altında, ya tifil uşaq Şərurun şərir quldurlarına rast gələ? Burada örtülü darvazamızın dalından anamın ağlar səsini eşidib girdim dalana. Yazıq arvad göz yaşını sel kimi axıdırdı. Və hərçənd o günü mən getdim və hərçənd yolda nə təkər sındı və nə “Şərurun şərir quldurlarına” rast gəldik, ancaq Uluxanlıda məktəb müdirini məndən rəncidə gördüm. Amma yubanmağımın səbəbini ona rəvayət eləməkdən çəkindim. Müdir xaçpərəst və ziyalı bir şəxs idi. İstəmədim biçarə vətənimin kərbəlayı və məşədilərini və hacı ilə mollalarını onun nəzərində gülüncə qoyam. Hərçənd mən yenə gec də olsa, çıxdım getdim, amma çoxlarını yadıma salıram ki, belə bir vacib müsafirəti ya “təhtəş-şüa” bəhanəsilə təxirə salıblar, ya “ehkami səkkiz ulduz” günləri mane olub, ya “qəmər əqrəb”də olub, ya da ki, ayın nəhs olan günlərinə rast gəliblər ki, ibarətdir ayın üçündən, beşindən, on üçündən, on altısından, iyirmi birindən, iyirmi dördündən və iyirmi beşindən. Amma elə də ittifaq düşüb ki, Əli şiələri bir yerə səfər etməyi əzm edib və lakin elə bir xoş gün tapa bilməyiblər ki, yola çıxa bilsinlər. Və çün tapa bilməyiblər, əzmlərinə əməl edə bilməyib müsafirət xəyalından bilmərrə düşüblər. Məcmuəmizin birinci nömrəsində müştərilərə bu növ nəsihətləri verəndən sonra keçirik teleqraf xəbərlərinə. Birinci xəbər Peterburqdandır. Guya müxbirimiz oradan yazır ki: “Sakitlikdir, qurd quzu ilə otluyur”. Bunun mənası budur ki, haman doqquz yüz altıncı ildə, ümumən bütün Rusiyada, xüsusən o vaxt imperatorun paytaxtı olan Peterburqda böyük rahatsızlıqlar və bəlkə, ixtişaşlar vaqe olurdu. Azadixahlar və firqələr – necə ki, ərz olunubdur – başlarını qalxızıb üsyan edirdilər. Qurda oxşayan padşah hökuməti əhalini həmişəki kimi boğub yemək xəyalından düşmək istəmirdi. Və hər gün oradan Tiflisə növ-növ əmələlər tətili, sui-qəsd və bu qism təzə xəbərlər gəlməkdə idi. İkinci teleqraf xəbəri Tehrandan idi. Oradan guya müxbirimiz teleqraf vasitəsilə xəbər verir ki, “şah həzrətləri Avropa səfərinə hazırlaşır”. Bunun mənası bu idi ki, Qacar nəslinin şahları sair cürbəcür xəstəliklərdən savayı – necə ki, məlumdur – bir də Avropa səfərini dost tutardılar. Şübhə yox ki, bir padşahın öz məmləkətindən qeyri bir məmləkətə müsafirət etməyi öz məmləkəti üçün elə bir əskiklik deyil və bəlkə də, demək olar ki, məmləkətin səlahıdır. Bu şərtlə ki, hökmdar qeyri məmləkətlərə etdiyi müsafirətdən vətənə bir xidmət və mənfəət hasil ola; orada gördükləri və öyrəndikləri təcrübədən vətənə də bir mənfəət hasil ola. Amma İran şahlarını Firəngistana çəkən əsla belə-belə fikirlər olmayıbdır. Nəsrəddin şahdan başlayıb, ta o Müzəffərəddin və sonra Məhəmmədəli Mirzə Avropanı ziyarətdən məqsədləri tək bircə idi: zövq-səfa və firəng qızları məclisində eyşü-işrət. Heç bir dəfə də olmayıb ki, bu nainsaflar, heç olmasa, tək bircə dəfə bu xəstəlikdən şəfa tapmış olalar. Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. Belə ki, Qacar şahlarında qədimül-əyyamdan müşahidə olunan bu mərəz o qədər bu “taclı” lotuların bədənində yer elədi ki, axırda axırıncı Əhmədi səltənət taxtından salıb, həmişəlik onu Firəngistan fahişələrinə bağışladı. Üçüncü xəbər İstanbuldandır. Yazılmışdı ki, “Osmanlı hökuməti küçə ilə gedən vaxt öskürməyi əhaliyə qədəğən edibdir”. Həmin məzah teleqraf xəbəri Sultan Əbdülhəmidin o vaxtlar şiddət etmiş olan istibdadını istehza edir. Məlumdur ki, Sultan inqilabın yavıqlaşmasını hiss etdikdə əhalinin azadlığının qabağını almaq üçün elə səxt qanun və qərardadlar çıxarmaqda idi ki, onun istibdadı bir zərbül-məsəl olmuşdu. Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qədəğən etmişdi. Dördüncü teleqraf xəbəri Təbrizdəndir. Yazılmışdı ki, Təbriz camaatına hürriyyət mücdəsi verildi. Belə ki, sərbazların cigərçilik, qəssablıq və dilənçilik etməklərinə dövlət tərəfindən maneçilik yoxdur; yəni “Molla Nəsrəddin” dilini ciddi mənaya çöndərsək, belə məlum olar ki, əvvəla, Təbriz camaatına hürriyyət verilmək ehtimalı çox uzaq imiş və ikinci, İran sərbazları genə köhnə peşələrində imişlər: cigərçilik, qəssablıq və dilənçilikdə. Beşinci teleqraf xəbəri Peterburqdandır. Orenburq müftiliyinə senator Çerevanski təyin olunur və Orenburq müftisi cənab Sultanov jandarma qulluğuna keçir. Bu məzhək teleqraf xəbəri az qalırdı ciddi qəzet xəbərinə oxşasın. O vaxt idareyi-ruhaniyyələrimizin işlərini senator Çerevanski idarə edirdi və Orenburq müftisi Sultanov Peterburq hökumətinin misyonerlik əmrlərinə və qərarlarına o qədər müti idi ki, şübhə yoxdur ki, ona jandarmalıq vəzifəsi mühəvvəl olunsa idi, onu qəbul etməkdən boyun qaçırmazdı. Ruhani rəislərimizin padşahpərəstlik xəstəliyinə tək bircə Orenburq müftisi yox, sair müfti və şeyxül-islamlarımız və qazi və şəriətmədarlarımız da mübtəla idi; necə ki, birinci nömrəmizin axırıncı səhifəsində karikatur ilə bunu qeyd eləmişik. Burada müsəlman camaatı bir yerə cəm olub əl qalxızıb imperator həzrətlərinə dua edirlər və imperator qaradovoyu camaatın qabağında duran bir nəfər axundun döşünə nişan taxır. Şəklin altında yazılıbdır: Gürbə şir əst dər kiriftəni-muş. Leyk muş əst dər məsafi-pələng. Bunun mənası budur ki, axundlarımız avam camaatın başının sahibidir; amma bir naciz qaradovoyun qabağında bir naciz padşah nişanının xatiri üçün qul kimi dururlar. Altıncı teleqraf xəbəri Şamaxıdandır; Bir rus aptekçisinə izn verilib qiraətxana açsın. Bu şərtlə orada türkcə bir şey oxunmasın; yəni orada qiraətxana müdirləri aptekçilər idi və qiraətxanada olan mətbuat türkcə yox, yəqin ki, rusca imiş. Yeddinci teleqraf xəbəri: Naxçıvan rus kazakları generalqubernatora ərizə verib xahiş ediblər ki, onlara patron əvəzinə çoxluca spiçka verilsin. Bunun mənası budur ki, o vədə erməni-müsəlman davasında, iki axmaq qonşu bir-birini qırmaqda ikən rus kazakları da bir tərəfdən şəhəri yandırmağa mubaşir olurmuşlar. Axırıncı teleqraf xəbəri də Təbrizdən bu məzmunda idi; Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur. Burada Təbrizin və ümum İranın fabrika və zavoddan yana kasıblığı və sənaye və istehsalatının yoxluğu istehza olunur. Həmin bu teleqraf xəbərlərindən sonra “Molla Nəsrəddin” “Bilməli xəbərlər” sərlövhəsi altında bu bir neçə sualları dərc edir: Birinci sual: O hansı şəhərdir ki, qlava divanxanasının on iki nəfər müsəlman vəkilinin cümləsi bisavaddır və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir. “Molla”nın birinci ilinin tarixində də belə sual o əsrdə divanxanalarda xidmətdə olan müsəlman işçilərinin savadsızlığının yadigarıdır. İkinci sual: Bir qabdan ki sünni məssəb su içə, o qabdan şiə məssəb su içə bilər, ya yox? O qabı yuyub təmizləmək lazımdır, ya yox? Bu sual, haman tarixdə sünnilərlə şiələrin bir-birinə olan nifrətinə işarədir. Üçüncü sual: Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Bu da vazehdir. Dördüncü və axırıncı sual: Yas evinə plov yemək üçün zorla hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir? Bu hal – necə ki, haman əyyamda, habelə indi də hökmfərmadır və bu barədə təəssüf olsun ki, islam ümməti bir qədəm də dəyişilmək istəməyib. Beşinci: harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola? Altıncı: Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarında çıxır? Yeddinci: Nə səbəbə İrandan qutu içində gələn ilanlar, İran əhlindən savayı özgələri sancır? Səkkizinci: Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi, hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbibələr onların çölə çıxmağını rəva görmürdülər? Doqquzuncu: İranda teatr məclisində “Uşu” camaatı üçün cəm olunan dörd yüz manat hara təşrif apardı? Atalar sözü Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki mal, mülk tələf olub gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hələ baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsələlərindən “atalar sözü” namı ilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürül-əməl etsinlər: Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə. Ata malı olan yerdə, özün qazandığın haramdır. Adamın ölümü bekarın bayramıdır. Ata və arvada etibar etmə, hər ikisini qat tövləyə və qapısını bağla. Ac toyuq yuxusunda plov görər. Aclıqdan kimsə ölməz, qələt eləyir, çörək vermə. Açıq ağız ac qalmaz: küçələrimizin tozuna Allah bərəkət versin. Axşamın işini sabaha qoy, sabahın işini axşama, Adam yata-yata alim olur, Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur. Anlayana da qul ol, anlamayana da. Olacağa çarə yoxdur, qoy hər nə olacaq, olsun. Ölüdən şeytan da əl çəkər, əgər arvadlar əl çəksə. Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər. Uşağın şüurlusu dərsdən qaçar. Plovun yağlısını yeyən yaxşı fatihə oxuyar. At at ilə boğuşar, hökumətin işi rast gələr. Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır. İşləmək adamı puça çıxardar. İşsizlik dövlətlilik açarıdır. İkiarvadlı ev bərəkətli olar. Başladığın işi yarıda qoy. Birinci nömrəmizin məqalələrinin biri də “Lisan bəlası” sərlövhəsi altında yazılmış məqalədir ki, bunun rəvayəti belədir: Necə ki, qabaq səhifələrdə zikr olundu, haman zamanlarda Bakı axundu Əbutürab Axund oğlunun “Həyat” qəzetində gah-bir yazıları dərc olunurdu. Məcmuəmiz nəşrə başladığı günlər, haman qəzetdə Abutürab Axundun bir məqaləsi də çap olunmuşdu. İndi bu işlərdən iyirmi üç il keçir və məqalənin məzmununun təfsilatı yadımda qalmayıbdır. Ancaq axundun məqaləsinin bizi danışdıran hissəsi belə bir məsələ idi ki, aya dünyada, ümumiyyətlə, insan üçün danışmaq lazımdır, ya danışmamaq? Və axund həzrətləri öz məqaləsində açıqca bu suala belə cavab verirdi ki: “danışmamaq lazımdır və mümkün olan qədər də, az danışmaq lazımdır”. Hətta Axund Abutürab öz sözlərinin təsdiqi üçün İsayi-ruhullahı da şahid çəkirdi ki, guya bu peyğəmbərdən bir gün soruşublar ki, aya çox danışmaq lazımdır, ya az danışmaq lazımdır? Və guya peyğəmbər az danışmağı çox danışmağa tərcih veribdir. Mənim yadımdadır ki, Axund Əbutürab öz məqaləsinin bir yerində deyir ki: “Hər kəs danışsa, özünü xar və naciz edər və insanın heç bir üzvündən ona o qədər zərər yetişməz, nə qədər ki, dilindən yetişər”.. Az danışmaq köhnə tərbiyələrin bir iqtizasıdır. Avam camaat içində qədimdən az danışmaq ədəbin bir şərti hesab olunur. Necə ki, xeyir və şər məclislərində, camaat diz üstə oturub ya ixfadan öz könlündə dua və səna zikr edir, ya da heç danışmır və könlündə xəyalı Allahı yada salmaq olsa, zahirdə sakit və samitdir. Onunçün bizlərə də uşaqlıqdan kişilər məclisinə daxil olmağa icazə verilməzdi. Və daxil olanda da böyüklər yanında danışmağı uşaqlara rəva görməzdilər. Bu məsələ gərək qadınların “hicab” məsələsinə yapışıqlı ola. Müsəlman arvadı kişiyə görsənə bilməz, kişi yanında danışa bilməz; müsəlman uşağı da danışa bilməz. Əgər müsəlman arvadını kişilərdən kənar tutmaqdan murad [budur ki] arvadları haram işlərdən, yəni yad kişilərlə naməşru əlaqədən məhfuz saxlasınlar, haman səbəbdən də uşaqları da yad kişilərdən Şərq aləmində qorumaq lazım gəlibdir. Bir surətdə ki, qadına olan cinsi şövq bizim Şərq dünyamızda uşaqlara da o dərəcədə ola bilər, uşaqları böyüklər məclislərindən uzaq saxlamağın batini səbəbi həmin bu ola bilər. Və bu növlə uşaqlıqdan kişilər içindən qaçan uşaqlar yekə oğlan olanda da, adət etmədiyi böyüklər məclisinə düşəndə o qədər həya ediblər ki, bir söz danışmağa nə cürət ediblər və nə də danışmağa söz tapıblar. Və əgər danışan da olubsa, məclisin yuxarı başında əyləşən əmmaməli axundlar və varlı və təşəxxüslü əyan və əşraf olubdur. Birincilər, camaata özlərini göstərmək üçün ərəbcə oxuduqları və camaat üçün qaranlıq olan şəriət elmlərini göstərmək istəyiblər və ikinci qismi öz şən və şərəfli dövlət və sərvətindən rəvayət ediblər. Və məclisdə olan camaat huşguş və ehtiramla bunlara “bəli, bəli” deyə-deyə qulaq asıblar. “Həyat” qəzetində Əbutürab Axund oğlunun dinməmək və danışmamağın fəziləti barəsində vəz və nəsihəti haman tarixi bir əsrdə heç kəsin xəyalına gəlməyən və yersiz nəsihət idi. Elə bir zamanda ki, Rusiya hökuməti yapon davasında sınandan sonra, öz laxlamış məqamında bir qıldan asılı idi və Rusiyanın əsrlərcə əzilmiş tayfaları vaxtdan istifadə edib, üsyana hazırlaşırdılar ki, özlərinə bir gün ağlayalar. Və digər tərəfdən Qafqazda hökumət nümayəndə və tərəfdarları əhalinin başını qatmaq məqsədilə erməni və müsəlmanları bir-birilə tutuşdurub kənardan bu iki tayfanın səfahətinə tamaşa edirdilər. Bir belə əsrdə müsəlman camaatının ruhani rəhbəri, qəzetlər vasitəsilə camaatı dəvət edirdi nəyə? – Sükuta və danışmamağa. Nədir danışmamaq? Danışmamaq zaviyadə oturub Allahı çağırmaqdır. Nədir danışmamaq? Lal və kar oturub mövtə və fövtə müntəzir olmaqdır. Nə mənə azadlıq lazımdır, nə mənə hüquq lazımdır, nə mənim üçün qabağa çıxıb qonşularla ədavət əvəzinə ülfət və ittihad bağlayıb, ümumi hesab olunan düşməni, müstəbid hökumətini yıxmaq və sonra məmləkətdə qardaşlıq üsuli-idarəsi qurub yaşamaq lazımdır. Və bunların hamısının əvəzində Axund Əbutürabın vəz və nəsihətinə görə dinəməmək və danışmamaq lazımdır. Və mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbutürabın bu məqaləsini buraxıb keçə bilməzdi. Xah o səbəbə ki, məqalə sahibinin fəlsəfi nöqteyi-nəzərini ya biz anlamadıq, ya belə bir məqalə ogunkü günlər bir damnan duşmə görsəndi. İkinci səbəbi də bu idi: məqalə sahibi həqiqətdə də bir axund idi. Və xah bu məqaləsindən və xah bir neçə də qeyri məqalələrindən heç bir işarə tapa bilmədik ki, məzur axundun əfkarı sair axundların əfkarına nisbətən bir qədər xilas olunmuş və azaddır. Onunçün də Əbutürab Axund oğlunun məqaləsinə biz məcmuəmizin birinci nömrəsində belə cavab verdik: “Hər kəs danışsa, əlbəttə, öz-özünü xar və zəlil və naciz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişər. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər; “Ya ruhulla, dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin”. Buyurdu: “Heç danışmayın”. Ərz elədilər; “Ya ruhullah, heç danışmamaq olmaz”. Buyurdu: “Əcəb olar”. Həzrət Süleyman əleyhüssəlam buyurdu: “Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır. Danışmamaq danışmaqdan yaxşıdır”. Heç bir müsəlman gərək danışmasın. Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki sakit və samitdir, o qədər gözəldir; elə ki, başladı danışmaqa, dəxi gözəllik itib gedir. Odur ki, Müsləhiddin Şirazi deyib: Zəban dər dəhan, ey xirədmənd, çist? – Kilidi-dəri-gənci-sahibhünər. Çü dər bəstə başəd nədanəd kəsi Ki cövhərfüruş əst ya piləvər. Bu mətləbləri təsdiq edəndən sonra Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin: Ey dil, dəxi dinmə və sükut et, sənn tari, lal ol və danışma! Sal başını aşağı və heç baxma yuxarı! mal ol və danışma! Gər qeyriləri cəmdəyinə vursala, dinmə! Gər başın əyib peysərinə vursala, dinmə! Pamal edə düşmən səni, səbr et, bala, dinmə! Ya zülm edə, ya boynuna kəndir sala, dinmə! Ya ruzunu cəbr ilə əlinnən ala, dinmə! Sal başını aşağə və heç baxma yuxari, lal ol və danışma! Kər qüssələnib eyləyəsən naləvü zari, mal ol və danışma! Və bundan başqa üç belə parça ilə həmin mənzumə tamam olur. Ancaq qalanlarının burada dərcini əhəmiyyətsiz görürük. Məcmuəmizin birinci nömrəsinin mündərəcatı içində bir “Dəllək” sərlövhəli hekayə də vardır. Müxtəsər məzmunu budur ki, Sadıq kişinin on yaşında Məhəmməd Vəli adlı oğlu, tikanlı otu burnuna soxur və bununla burnunu qanadır ki, gözlərinin ağrısı şəfa tapsın. Qan, uşağın burnundan elə bərk axır ki, uşağın anası ehtiyat edir və Sadıq kişini göndərir ki, getsin dəllək Usta Hüseyni gətirsin, çünki arvadın rəyincə, Usta Hüseynin həkimlikdə böyük səriştəsi var. Sadıq kişi qaçır dəllək Usta Hüseynin yanına və o vaxt yetişir ki, Usta Hüseyn bir kişinin başını qırxırmış. Burada hekayə “mabədi var” sözləri ilə yarımçıq qalır ki, mabədi də ikinci nömrədə dərc olunubdur. Bu nömrənin mündərəcatı iki bənd “poçt qutusu” – ilə tamam olur. Birinci bəndin məzmunu budur: “Badikubə, cənab Molla Tağızadəyə. Sualınıza ancaq belə cavab verə bilərik: hərçənd senator Çerevanskinin idareyi-ruhaniyyə barəsindəki layihəsi təsdiq olunmayıbdır, lakin bizə çatan məlumata görə müsəlmanların rəisi-ruhaniləri və qaziləri əvvəl gərək Tiflisdə “ekzarx” idareyi-ruhaniyyəsində mollalığa imtahan tutub, sonra polis qorodovoyları tərəfindən təsdiq olunalar...”. “Poçt qutusu”nun ikinci bəndi: “İrəvanda cənab İsmayıl bəy Şəfibekova, məcmuəmizi təbrik etmək xüsusunda artıq dərəcədə məmnun olduq. Və lakin göndərdiyiniz şeirləri əvvəlinci nüsxəmizdə çap edə bilməyib, gələn həftə çap etməyi vəd edirik. Amma şeriniz o qədər gözəldir ki, bir bəndini bərayi-xali-nəbudiən lazım gördük yazaq: Bir gün küçə ilə əlimdə səbət gedirdim. Çıxdı birdən qabağıma yoldaşım. Dedim: “Yoldaş, söylə, hara gedirsən?”. Dedi: “Xəbər alma, sən allah, keyfim xarabdı mənim”... Birinci nömrənin mündərəcatına dübarə qayıtmamaq babətindən, axırıncı söz olaraq, bunu da qeyd etmək lazımdır ki, qeyd olunan məzmundan başqa, məcmuəmizdə abunə şərtləri də elan olunmuşdu. Üç aylığı (13 nüsxə) bir manat 60 qəpik, altı aylığı 3 manat. Və çün məcmuənin nəşri aprelin yeddisindən başlanmışdı, onunçün illik abunə əvəzində doqquz aylıq abunə qiymətini dörd manat təyin etdik. Və doqquz ay keçəndən sonra o biri ilin təzə yanvar ayından, birillik abunə qiyməti beş manat elan olunur. Məcmuənin adresi belə idi: Tiflis, Voronsovski küçədə, nömrə qırx yeddi, “Molla Nəsrəddin” idarəsi. Müxbir və məqalə yazanlar üçün də tək bircə bu şərt elan olunurdu ki, “idarəyə çap olunmaq üçün göndərilən məktub və məqalələri geri qaytarmaq mümkündür, əgər sahibləri marka göndərib xahiş eləsələr”. Birinci nömrənin şəkillərinə keçdikdə, onlarım ikisi barəsində qabaq sətirlərimizdə söhbət olundu. Birinci səhifədə müsəlmanlar qəflət yuxusunda şirin-şirin yatışıblar. Və dördüncü səhifədə cəmaəti-müslimin padşaha dua eləyir və qabaqda duran mollanın döşünə hökumət qorodovoyu nişan taxır. Məcmuənin aralıq səhifələrində iki şəkil də var: biri rəvayət etdiyimiz “Dəllək” hekayəsində haman dəllək Usta Hüseyndir. Öz dəlləkxanasında bir müsəlman qardaşın başını qırxdığı bir vaxtda, Sadıq kişi gəlib onu, oğlunun burnunun qanını kəsmək üçün dəvət edir. Və dəllək Usta Hüseyn də aynanı Sadıq kişiyə uzadıb deyir: “ – A kişi biryolluq adını qoy erməni, xalq da bilsin ki, sən ermənisən. Pəs utanmırsan başının tükünü bu qədər uzadıb qırxdırmırsan?”. İçəri səhifələrin birində də qoşa şəkil çəkilib: üst şəkildə bir tüfəngli kişiyə bir müsəlman kəndlisi öz qara mallarını nişan verir və deyir: “Mən ölüm götür bu heyvanları, ver mənə o tüfəngi”. Altdakı şəkildə bir erməni kişisi əli tüfəngli bir rus saldatına bir yüz manatlıq kağız uzadır, rus dilində belə deyir: “Pocalusta, vazmi denqi, davay rucyo”; yəni xahiş edirəm, bu pulu alasan və o tüfəngi mənə verəsən. Məlumdur ki, hər bir şəkillər o əsrin aynası olan kimi, bu iki şəkil də erməni-müsəlman davasının övzanını göstərirdi. O zaman, haman günlərdə ki məcmuəmiz nəşrə başlamışdı, iki qonşu tayfanın mabeynində bir-birinə qarşı ədavət elə şiddət tapmışdı ki, bir-birini məhv eləmək üçün bu bədbəxtlər hər bir mal və dövləti qurban etməyə hazır idilər. Və pullu ermənilər bu yolda nağd pul xərcləyirdilər. Maldar müsəlmanlar da haman yolda heyvanlarını satıb, təsərrüfatlarını pozmaqda idilər. “Molla Nəsrəddin”in birinci nömrəsinin materialı ancaq bundan ibarət idi. Və elə ki həmin materialın əl yazısı əlimizdə hazır oldu, şüru etdik məcmuə surətində çap etməyə. Bu məsələ daha texniki cəhətdən bizə çətin görsənmirdi. Səbəb bu ki, təb işlərində ən birinci vəsilə, çapxana hazır idi. “Qeyrət” mətbəəsi öz işində idi və yoldaşımız Faiq tərəfindən lazımınca idarə olunurdu. Və lakin tək bircə şey! Hər bir işə iqdam etmək onsuz mümkün deyil. Pul məsələsi bizim boş cibimiz üçün ən ağır bir məsələ idi. Məcmuənin karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bu tövr həll etdik ki, möhtərəm nəqqaşımız Şmerlinq qabaqkı nömrənin şəkillərinin zəhməthaqqını nisyə çəkməyə razı oldu. Burada keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir-bir yada saldıqda, onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm. Şəkil məsələsi bitdi və əziz nəqqaşımız öz vaxtında bu söylədiyimiz şəkilləri çəkib hazır eləməyə söz verdi. Demək, şəkillər hazır, materialların müsvəddəsi hazır. Qaldı bir məsələ: kağız məsələsi. Birinci nömrəni hələlikdən, gələcəyə əl uzatmaq istəməyib bərayi-ehtiyat artıq yox, ancaq min ədəd çap etməyi qərara aldıq. Və bu qədər az, bundan artıq çap etməkdən iki nöqteyi-nazərdən ehtiyat etdik; biri necə ərz olundu, pul məsələsi idi. Pulumuz heç yox idi: heç bu min ədəd məcmuənin pulunu – ki, doqquz manat eləyirdi, – tapa bilmirdik. Yadımdadır ki, bu pulu mən yavıq dostumuzdan istədikdə o pulu verməyə bu şərti qoydu ki, mən onu məcmuənin məzmunundan hali edim. Mən başladım əlyazmalarımı oxumağa. Baş məqaləni oxudum. Pullu dostumuz qulaq asdı və dinmədi. Elə ki keçdim abunə şərtlərinə və o yerə gəldim ki, idarədən müştərilərə nəsihət verilir [ki] murdar poçt xidmətçilərinin rütubətli əllərindən ehtiyat eləsin, dindar dostumuz burada başını aşağı saldı. Mən duydum ki, iş xarabdır və dostumuz pul verməyəcək. Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızı saqqal rəfiqim məni bu yerdə dayandırdı və xahiş etdi ki, mən dəxi özümə zəhmət verməyim. Puldan da yana qəti cavab verdi ki, onun nə indi daxılında (bu söhbət onun dükanında idi) doqquz manat tapılar, nə də bu tez vaxtda cəm ola bilər. Mən çox xarab oldum. Əvvəl o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. İkinci məni məyus edən, məcmuənin məzmunu oldu. Biz bu mətalibi burada yazmışıq ki, cəmaəti-müslimin oxusun. Mənim bu rəfiqim həmin cəmaəti-müsliminin əfradının biridir. Bu ki nəinki özü, heç mənim oxuduğuma da qulaq vermək istəmədi, vaveyla, kimdən ötrü biz bu sözləri yazırıq? Bu ki oxumayacaq, qalan müsəlman qardaşlar da həmçinin, pəs dəxi bu nə zəhmətdir ki, çəkirik və dəxi niyə yazırıq və nədən ötrü yazırıq və kimdən ötrü yazırıq?.. Buradan naümid çıxdım və üz qoydum kağız mağazasına tərəf ki, bəlkə kağızı bir tövr nisyə alam. Burada da işim tutmadı. Kağız sahibi pulu almamış malını buraxmadı. Oradan gəldim yoldaşım Ömər Faiqin yanına. – Faiq yoldaş, kağıza pul tapa bilmirəm, sahibi də nisyə buraxmır. Yoldaşımız məşədi... də doqquz manat borc vermir. – Necə vermir? Qələt eliyir, vermir, gedək görək, necə vermir? Gəldik haman rəfiqimizin dükanına. Qabaqca Ömər Faiqə də dedi: – Pulum yoxdur. Ömər Faiq bir qədər hirsli tələb etdi və hətta tərizlə tələb etdi və bəlkə, məzəmmətlə də başladı: – Utanmırsan, doqquz manatı qızırqanırsan? Sənin yanında bizim doqquz manatlıq da xatirimiz yoxdur? Məşədi daxılın qutusunu çəkib qabağa, oradan üç dənə üç manatlıq kağız pul çıxartdı verdi və kağızın pulu düzəldi. Sənə 1906, aprel ayının altısında tarixi-hicrinin min üç yüz iyirmi dördündə, səfər ayının iyirmi dördündə, axşam vaxtı şəkillər də Bixov adlı bir yəhudinin daş mətbəəsində çapdan çıxdı, gəldi “Qeyrət” mətbəəsinə ki, burada da hürufat səhifələri çap olunsun. Dörd səhifə gündüzdən düzülüb hazır olmuşdu və ancaq axşam vaxtı səhifələr səliqəyə salınıb verildi maşına və başlandı çap olunmağa. “Qeyrət” mətbəəsi müsəlman məhəlləsində, Voronsov küçəsində idi. Mətbəə üç otaqda sığırdı. Birində mürəttiblər işləyirdi, bir kiçik otaqda tək bircə çap maşını qurulmuşdu, bir otaqda da mətbəənin müdiri əyləşirdi. Necə ki qabaqca söylənibdir, – mətbəəni Ömər Faiq idarə edirdi. Haman gün ki, məcmuənin çap olunmuş şəkilləri “Qeyrət” mətbəəsinə daxil oldu, o günü də hürufat səhifələrə düzülüb tamam olmuşdu. Ancaq səhifələri səliqəyə salmaq, maşına qoymaq, maşında səhifələri yerləşdirmək – bunların hamısı təzə bir iş olduğu üçün xeyli vaxt istədi və ancaq şam vaxtı maşın işə düşdü. Maşın əl ilə işləyirdi. O vaxt Tiflisdə elektriklə işləyən çapxana maşınları məhz böyük mətbəələrdə vardı ki, onlar da, söz yox, böyük pullarla başa gəlmişdi. Altı-yeddi min manatla qurulmuş olan “Qeyrət” mətbəəsinə elektriklə işləyən böyük maşınları biz gətirdə bilməzdik. Xülasə, maşın işə düşdü. Maşını iki fəhlə hərəkətə gətirirdilər. Bunların vəzifəsi maşının qolunu hərləmək idi. Demək, elektrik qayışının işini bunlar görürdü. Mürəttiblər gündüz saat üçədək işlərini görüb dağılmışdılar. Axşam mətbəədə iki fəhlədən savayı, bir də maşınçımız Cahangir idi. Bu köhnə türk maşınçısı hal-hazırda Bakıda mətbəələrin birində haman halal sənətindədir və biz tək çapxana dünyasında yavaş-yavaş qocalmaqdadır. Bu Cahangir yoldaş “Molla Nəsrəddin”in haman birinci nömrəsini öz əli ilə çap edən maşınçıdır. – Hə, ya allah, Cahangir yoldaş! Hı, ya allah, fəhlə yoldaşlar! Ya allah, hərrə görək!.. Amma elə güman eləmək lazım deyil ki, bir ağır maşını əl ilə hərləməklə elektrik qüvvəsi ilə fırlatmağın təfavütü yoxdur. Məlum şeydir ki, elektrik yorulmaz, amma insan yorular; bu bir. İkinci də budur ki, elektrik bir saatın ərzində min ədəd çapdan çıxartdığı bir vaxtda, iki fəhlə ancaq yüz ədəd çıxarda bilər. Onunçün gecənin yarısına qədər min ədəd məcmuənin yarısı olan beş yüzünü ancaq çapdan çıxarda bildik. “Çapdan çıxara bildik” deməkdə oxucular bizi rus ədibi məşhur Krılovun milçəyinə oxşatmasın. Orda bir milçək bir kotanın dəmirinin üstünə minib və sonra öz rəfiqləri olan milçəklərə rəvayət eləyirmiş ki, “biz atlarla birlikdə filan qədər yer şumladıq”. Söz buradadır ki, yazıq fəhlələrimiz yoruldular. Gecə yarıdan keçmişdi ki, bu yazıqlar lap dirəndilər. Əlbəttə, zəhmət haqlarını ona görə də ifa etdik. Amma zəhmət haqqının burada dəxi söhbəti ola bilməzdi. Yoruldular və haqlarını alıb işdən çıxıb getdilər. Qaldıq biz üçümüz: mən, Ömər Faiq və Cahangir yoldaş. Nə eləmək? Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm eləmişik. Bunu yavıq adamlara da xəbər vermişik. İndi də min ədədin yarısını çapdan çıxarmışıq. İnsafdırmı ki, sabah açıla, başladığımız iş yarımçıq qala və bilməyək nə eləyək? Bu beş yüzü meydana çıxaraqmı? Söz yox, bəlkə, heç bu beş yüzü də bir kəs almayacaq, bəlkə, bu beş yüz də əlimizdə qalacaq. Amma kim bilir? Bəlkə, beş-yüzü də sabah camaat bizdən istəyəcək, bəlkə, bundan savayı, beş min də istəyəcək?!.. Xəyalımıza nə gəlirdi? Ümidvar ola bilərdikmi ki, məcmuəmizə camaat rəğbət göstərəcəklər? Xeyr, ümidvar ola bilməzdik və gələcək bizim üçün qaranlıq idi. Bu barədə öz dost və aşnamızdan da bizə elə bir ürək-dirək verən olmurdu. O qədər də təşviq eləyən görsənmirdi; çünki dost-aşnamız üçün də o növ materialla meydana atılmağımız qəribə bir iş nəzərə gəlirdi. Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə, tamam məyusluq və naümidlik üz verirdi. Hətta bir gün məcmuənin birinci nömrəsi üçün hazır olmuş əlyazılarını bir ziyalı dostumuza oxudum. İndi haman dostumuz yoxdur, neçə il bundan əqdəm İranda vəfat edibdir, haman dostumuz əlyazılarının məzmunundan xəbərdar olub heç bir vəchlə onları çapa verməyi məsləhət bilmədi. – Heç bir mənası yoxdur – dedi. – Heç kəs onları oxumaz – dedi. Amma necə ki məlum oldu, rəfiqimiz durbinlikdən bu barədə xeyli kasıb imiş. Onunçün də mərhumun övladının xatirinə dəyməsin deyə, onun adını burada örtülü qoyduq. Ondan savayı genə bir naxçıvanlı həmvətənimizə birinci nömrənin materialının bir neçə yerini oxudum. Bu da bir qoca teleqrafçı idi. Bu da materiallar barəsində belə rəy verdi, dedi: – Çox yaxşıdır, amma bircə eybi budur ki, sizin məcmuəniz müsəlmanların eybini göstərir; çifayda ki, müsəlmanları tərif etmir (mədh etmir). Və söhbəti qurtarıb mənzilimizdən çıxıb gedə-gedə mənə tərəf çöndü və belə vəsiyyət elədi: – Hər nə yazacaqsınız, yazınız, amma müsəlmanları tərifləyin, müsəlmanların yaxşılığını yazınız... Tamam gecənin yarısında bu iki fəhləni azad etdik və iki qat zəhmət haqlarını verdik, çıxıb getdilər. Qaldıq üçümüz; maşınçı Cahangir yoldaş, Ömər Faiq yoldaş və mən özüm. Heç çarə yox: maşını başladıq özümüz hərləməyə. – Hı!.. Faiq yoldaş, maşını bas! – Hı!.. Cəlil yoldaş, maşını bas! Burada Molla Həmidin görük basmağı yadıma düşdü. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. Miladi tarixinin min səkkiz yüz doxsan üçüncümü – dördüncümü illərində, Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. Və bu oyunun mənfəəti kasıb məktəb şagirdləri üçün idi. O vədə Naxçıvanda teatr nümayişləri üçün tək bircə yerdə kiçik bir səhnə var idi: ermənilərin kilsə məktəbinin binasında idi. Və hər dəfə türk həvəskarları da orada oynayanda, söz yox, erməni məktəbinin nəfinə bir müəyyən kirayə verirdilər. Naxçıvanda o vaxt səhnədə göstərilən pyeslər Mirzə Fətəlinin “Hacı Qara”, “Məstəli şah” və “Kimyagər”, “Xan Sərabi” komediyaları idi. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir ki, bu gün o pyesi biz həvəskarlar, haman səhnədə mövqeyi-tamaşaya qoyurduq. Qərar qoyduq ki, tamaşanın qabaqkı günü pyesi məhz məktəb şagirdləri üçün oynayaq və elə də elədik. O günü Naxçıvanın şəhər məktəbinin və məhəllə məktəblərinin cəmi şagirdləri, tamaşanın müftə olmağını qənimət bilib gəlib dolmuşdular teatra. Belə ki, iki bəlkə üç yüz şagirdi səhnənin zalına ancaq yerləşdirə bildik. Tamaşa günortadan iki saat keçəndə [başladı] və pis də keçmədi. Şagirdlərə böyük təsir bağışladı. Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu və zərif məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, nümayiş qurtarandan sonra bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışırdılar: – Molla Həmid, körüyü bas! Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarın hər yerində elə uşaq idi ki, çığırırdı: – Molla Həmid, körüyü bas! Paha! Baveyla! Naxçıvanın mollaları məscidlərdə namaz və ibadətə məşğul olduqları yerdə, uşaqların bu fəryadını eşidirlər: “Molla Həmid, körüyü bas!”. Balam, bu nə qiyamətdir? Necə Molla Həmid, kimdir kerüyü basan Molla Həmid? Axırda məlum olur ki, körüyü basan Molla Həmid teatr nağılı imiş. Orada erməni kilsəsinin səhnəsində bir dəstə növcavan müsəlman müəllimləri teatr oyunu qurublar ki, ermənilərin və rusların içində mollaları lağa qoysunlar. Bu nə qiyamətdir, bu nə rüsvayçılıqdır? Camaat bazar-dükanı bağlayır və şəhərin mötəbər mollası Axund Molla Tağının yanına cəm olurlar. Qərar qoyurlar, Naxçıvan naçalnikinə şikayət edib belə nümayişlərin bundan sonra qadağan olunmağını iltimas etsinlər. Və belə də eləyirlər. Nəticədə, naçalnik tərəfindən biz həvəskarlara bir növ, nəsihət olundu ki, bundan sonra ehtiyatlı olaq və teatr nümayişləri ilə mollaları özümüzdən rəncidə salmayaq. Fəhlələr gecəyarısı yorulub işdən çıxdılar, biz fəhlədən də sübh vaxtı yorulub işdən çıxdıq. Ancaq bir təfavütlə ki, biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu. Bu tarix miladi tarixinin min doqquz yüz altıncı ilinin aprel ayının yeddisi və tarixi-hicrinin min üç yüz iyirmi dördüncü ilinin səfər ayının iyirmi dördü idi. Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan küçəsində olurdum. Rusca haman küçənin adı Davud küçəsi idi. Çünki xaçpərəstlər istilahında müqəddəs Davud – Şeyx Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir. Mən burada bir qıza aşiq olmadım. Ancaq mən aşiq olduğum bir şey haman mənzərə idi ki, buradan göz qabağında ayna kimi açıq görsənirdi. O mənzərə şəhərin aşağı tərəfindən görsənən Şeytanbazarı məhəlləsi idi. Belə məhəllə dünyada müsəlman aləminin hər bir şəhərində var. Qələ şəhərinin Şeytanbazarı, İrəvanın, Bakının və hətta Təbrizin və qeyri şəhərlərin və qəsəbələrin Şeytanbazarı bir şəkildədir: toz və torpaq, zibil, evlər və dükan-bazar xaraba, küçələr dolu it-pişik və keçəl-küçəl müsəlman uşaqları. İki dükanın biri çayxana, tiryəkxana, qumarxana, dar küçə və bazarda yük heyvanları qarışıb adamlara. Camaat cümləsi kişidir. Maarifin, səliqənin və nəzafətin burada iyi-əsəri görsənməz. Hali cümləsi müsəlman camaatıdır. Və əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar. Əgər bunu da eləməsələr, o adama dörd gözlə elə baxacaqlar ki, guya bir belə adam görməyiblər. Buraya varid olan təzə bir adam da həmçinin: o da buranın vəhşilik halına təəccüb edəcək və heyran qalacaq. Hətta Qələ və Şəki-Şirvanı demirəm, Təbriz kimi bir paytaxtın Şeytanbazarını görəndə mat və məəttəl qalmışam. Türküstanın mərkəzi hesab olunan Daşkəndin müsəlman məhəlləsinin bazar və məhəlləsini görəndə insanın xəyali hekayələrdə oxuduğu vəhşi hindlilərin məişəti yada düşür. Pəs “Molla Nəsrəddin” dünyaya gələn vaxt mən Tiflisdə haman Davud küçəsində yaşayırdım; necə ki, məcmuədə həmişə həmin ünvanımız elan olunubdur. Müqəddəs Davud məhəlləsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi. Məlumdur ki, “Molla Nəsrəddin”in ən böyük nişangahı dini mövhumat və şəriət xürafatı idi; əyan və əşrafla mübarizə və qolçomaqların qabağını almaq idi. Belə mübarizəni müsəlman camaatının içində otura-otura o vaxtlar aparmaq mümkün deyildi. Səni haman yerdə sənkisar edərdilər. Onunçün gahdan bir məcmuədə arının yuvasına çöp uzadanda gürcü məhəlləsinin bir xəlvət yerində gizlənirdim və arıların hirsinin yatmağına müntəzir olurdum; necə ki, məsələn, Bakı qoçuları Bakıdan Tiflisə gəlib məni axtarıb tapa bilmədilər; necə ki, arvad məsələsinə dair ikinci ilin nömrəsində bir məqalə dərc edən günü Ömər Faiqdən mənə muəkkid sifariş gəldi ki, küçəyə çıxmayım; çünki Şeytanbazarda dükanlar bağlanıb və müsəlman camaatı küçələrə cəm olub məni axtarırlar. Bu barədə müfəssəl rəvayət gələn səhifələrdə olacaqdır. Bu gun aprelin yeddisində çapdan çıxmış təzə birinci nömrənin yüz ədədini satmaq üçün “Qeyrət” mətbəəsində qoyub qalan doqquz yüzünü apardıq Davud küçəsindəki təzə idarəmizə. Bu doqquz yüzün iki yüzünü poçtla Bakıya [yola] salıb Abbasqulu Kazımov adına göndərdim və iki yüzünü də qeyri şəhərlərə tanışların üstünə göndərdim ki, orada hər kəs bacardığı kimi satdırsın. Abbasqulu Kazımov sabiqdə “Şərqi-Rus” qəzetinin Bakıdakı vəkili idi və bu şəxsi də o vaxtdan qaibanə tanıyırdım. Ancaq idarədə qalan bir neçə məcmuə də elə haman gün, günorta zamanınadək Tiflisdəcə nağd bir-bir satıldı. Onunçün də ikinci nömrəni dəxi iki min miqdarda çapa verdik. Demək, birinci nömrəni bir min miqdarda çap etdirib, ikinci nömrəni iki o qədər, iki min ədəd sifariş verdik. Burada kəmcürətliyimiz aşkara çıxır. Əlbət ki, bir günün ərzində günortayadək beş yüz ədəd tək bircə Tiflis şəhərində intişar olan bir cəridə yəqin ki, bütün Qafqaz və Mavərayi-Qafqaz dairəsində gərək gecə minlərcə dağıla bilə idi. Və lakin belə kəmcürətliyimiz – necə ki, indi yadıma gəlir, – iki səbəbdən naşi idi: bir səbəbi bu idi ki, necə ki, ərz olundu, çox kasıb idik. “Allaha” şükür edirdik ki, hələ bu min ədədə də xərc qoymağa iqtidarımız çatdı. Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. Kəmcürətliyimizə ikinci səbəb bu idi ki, müsəlman camaatına o qədər də bel bağlaya bilməzdik. Qeyri cəridələrin islam içində rəvac tapmağının tarixini və təcrübəsini mülahizə edəndə artıq ümidvar ola bilmirdik ki, məzhəkə şivəsi ilə danışan və mütəəssib dindar müsəlmanların dini əqaidini istehzaya qoyan “Molla Nəsrəddin” artıq tərəqqi eləməyə gərək. İki min ədəd ki ikinci nömrədən ötrü sifariş verdik, bu özü də böyük bir tirajdı. Və bu miqdarda məcmuəmiz işə keçsə, genə şükür eləməlidir. Və birinci nömrəni poçt idarəsinə təhvil verib ikinci nömrə üçün mətbəələrə iki min ədəd sifariş edib hələ ki, buna iktifa elədik. * * * Tərcümeyi-halım Anadan olmuşam Naxçıvan şəhərində, Araz çayının beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində. Burada Araz və Culfa sözlərini mən qəsd ilə yazıram. Məlumdur ki, Araz çayı İran sərhədidir və Culfa qəsəbəsi İran ilə bizim aramızda olan bir tamojnadır və həmin çay və həmin qəsəbəyə mənsub olmağıma çox-çox fəxr edirəm iki səbəbə görə: birinci budur ki, İran məmləkəti mənim babamın vətənidir və ikinci səbəb də budur ki, dindarlığilə dünyada ad qazanan İran torpağı bəndə üçün həməvəqt bir mayey-iftixar olub; yəni belə bir müqəddəs məkanın qonşuluğunda dünyaya gəlməyimə mən həmişə min şükürlər eləmişəm. Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm. Xeyr, mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: nə o vaxtlar metrik dəftərləri var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya götürməyi lazım bilirdilər. Mənim ata və anam da habelə. Elə qanıram ki, altmış il bundan əqdəm bir kəsə desə idin ki, nə səbəbə uşaqların anadan olmağını bir yerə yazmırsan, o sənə təəccüb edərdi (çünki bu söhbət bir lüzumsuz söhbət sanılardı). Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi ola; ya bəlkə, əlli səkkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı buludları gün batan tərəfi elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yandırıblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır; yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da, rus-osmanlı müharibəsi ili idi ki, miladın min səkkiz yüz yetmiş səkkiz və yetmiş doqquzunda vaqe olmuşdu və haman günləri biz səkkiz və doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatımız ancaq o qədər ola bilərdi. Naxçıvan qürubunun qırmızı buludlarını Qars mühasirəsinin top-tüfənginə əlaqədar zənn edirdik. Bundan savayı, yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə ikinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım. Naxçıvanın şəhər məktəbinin ikinci sinfində oxuyurdum. Və dərsdən bizi buraxdılar, getdik evimizə. Dükan-bazar bağlı idi. Camaatı yığdılar məscidə və orada icbari təziyədarlıq əmələ gəldi və mollaların biri minbər üstündə məqtul padşahın şən və şərəfindən o qədər söylədi ki, axırda özü də ağladı və camaatı da ağlatdı. Sonra mərsiyə deyildi və şəhid padşahın müsibəti şəhid imamın müsibətinə qarışıb məscidə bir vamüsibəta, vaveyla düşdü. Bəli, anadan olduğum yer Naxçıvan şəhəridir və Allah şahiddir ki, əgər dünyada cənnət və cəhənnəm və mizan-tərazu haqdırsa və əgər Allah-taala qoyduğu və Məhəmməd peyğəmbər göstərdiyi yolu tutub gedənlərə axirətdə mükafat veriləcəksə, mənim məkanım öləndən sonra behiştin çox bir səfalı guşəsində gərək ola. Səbəb budur ki, Naxçıvan şəhərində ta balaca uşaqlıq zamanından 14-15 yaşında oğlan olana kimi mən min-min müsibət ilə tutduğum oruc və min-min rahatsızlıqla qıldığım namazın savabı mənim özümə də bəsdir, yavıq qohum-əqrəbama da və hətta dost-aşnama da kifayət verə gərək. Əgər zaiqəyə tapşırsaq, indi zəmanə büsbütün xarab olub gedib: əgər indiki Naxçıvanla əlli il bundan qabaqkı Naxçıvanı tutuşdursaq və biri-birinin yanına qoysaq, yəqin ki, bir zərrə qədər də bir-birinə oxşamaz. Və yuxu kimi yadıma gəlir ki, o vaxtlar, yəni əlli il bundan qabaq, yəni mən balaca məktəb uşağı olduğum zamanlar evimizdə, küçədə, məktəbdə, bazar və dükanda gördüklərim və eşitdiklərim ancaq məscid söhbəti olardı, minbər söhbəti olardı, namaz idi, oruc tutmaq və əhya saxlamaq idi, vəz və mərsiyə idi. Sübhdən axşamadək gördüklərim kişilər və övrətlərin sübhdən axşamadək məşğələləri məhz namaz qılmaq, oruc tutmaq, genə namaz, genə oruc, məscid, qurban kəsmək, imam təziyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı. Yeddi-səkkiz yaşında molla yanına gedib cərəkə və quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını deyəsən indi bu saat genə ayaqlarımda hiss edirəm. Həmin mollaların həsirli və bitli-sirkəli məktəblərində üç-dörd il avara olandan sonra atam məni qoydu şəhər məktəbinə. Üç il orada oxudum: rusca və genə müsəlmanca. Amma sözün doğrusu budur ki, dəxi mollaların bitli-sirkəli məktəbindən əlim çıxandan sonra əməlli-başlı müsəlman dərsi görmədim. Çünki məlumdur ki, o vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala xətirin qalmasın babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi, qalan dərslər rus dilində gedirdi və bununla bərabər, xah haman şəhər məktəbində və xah sonra təhsil etdiyim Qori seminariyasında türk dili müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqilə bizə dərs verirdilər. Bir surətdə ki, o vədələr türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər. Təqribən, Qori darülmüəlliminində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir və bunu bilirəm ki, miladın min səkkiz yüz həştad üçüncü ilində atam məni Naxçıvan şəhər məktəbindən göndərdi Qori darülmüəllimininə və burada da beş ilin fasiləsində təhsilimi tamam edib həştad yeddinci ilin payız fəslində İrəvan mahalında Uluxanlı məktəbinə kiçik bir müəllimliyə təyin olundum. Burada mən istəyirəm, söhbətimi yarımçıq qoyub keçəm bir özgə mətləbə. Yoxsa filan vaxtda filan yerdə müəllim oldum və filan vaxtda Danabaş kəndinə dəyişildim, – bu sözlər heç kəsə lazım olmaya gərək, ancaq burada bir neçə qeyri məsələlər var ki, onlar barəsində bir neçə söz yazmağı lazım görürəm. Söhbət darülmüəlliminində keçirdiyim vaxtlar barəsindədir. Bəli, uşaqlığım mübarək olan Naxçıvan şəhərində keçdi və necə ki, söylədim, ətraf, hər yanda Allah və peyğəmbər. Sağ tərəfdə məscid, sol tərəfdə minbər və hər bir yanda molla və dərviş. Belə bir müqəddəs mühitdən çıxıb düşdüm gürcülərin Qori şəhərinə və darülmüəlliminində dərs verən əcnəbi müəllimlərin içinə. Ancaq dindarlıqda vətənimə nisbətən, buralarda elə bir təfavüt görmədim; çünki Qori şəhərində olan kilsələrin miqdarı Naxçıvanın məscidlərindən az deyildi. Və hətta darülmüəlliminin xristianlar şöbəsində əlahiddə bir ibadət evi var idi. O ki qaldı bizim türk şöbəmizə, doğrudur, burada müəyyən bir məscid yox idi, ancaq elmi-ilahi dərslərinin müəllimləri bizlər üçün bir vaiz idilər və Məhəmmədin dinində bizi möhkəm saxlamaq yolunda heç bir şey əsirgəmirdilər. Bizim axirətimizi təmin etməkdə bir qüsur görmürdük. Ta o yerə kimi ki, məhərrəmlikdə təqribən, həştad beşinci-altıncı ildə darülmüəlliminin qərardadı ilə Tiflisdən bir mərsiyəxan gətirtdirmişdilər ki, bizlər üçün mərsiyə oxusun, ağlayaq. Bu mərsiyəxan on günün ərzində hər axşam vaxtı on yumurta ilıq edib içdi ki, səsi açılsın. Ancaq bu yaxşı yadımdadır ki, on günün müddətində yüz ədəd yumurtanı içəndən sonra genə səsi açılmadı ki, oxuya bilə və heç oxumadı və haqqını aldı çıxdı, çıxdı getdi. O vədə çox cavan idim, bu işləri necə ki lazımdır, yaxşı başa düşə bilmirdim; ancaq indi, yəni təhsilimdən qırx il keçəndən sonra aşkar görürəm ki, o vədə Qori darülmüəlliminini təsis etməkdən məqsəd bu idi ki, türk cavanları rus dilini və rus tarixini keçəndən sonra öz dini əqidində möhkəm qalmaq şərtilə, kəndlərdə və qəsəbələrdə rus dilini və rus tərbiyəsini ümumcamaat içində davam versinlər və bundan ötrü proqramlar içində elmi-ilahi dərslərilə bərabər, rus dili və rus tarixi dərslərinə çox əhəmiyyət verilirdi. Elmi-ilahi dərsləri hər gün keçməkdə idi. Rus dili dərsi hər gün verildikdən savayı, biz türklərin rusca danışmağına və rusca tələffüzünə nəhayət diqqət verilirdi. Onun üçün də elmi-ilahi dərslərində, məsələn, Allahın varlığını dəlili-əqli və dəlili-nəqli ilə uzun-uzadı rəvayətlərlə təhsil edərdik. Süfati-sübutiyyə və süfati-səlbiyyə, təsəlliyat və səhviyyatı o qədər əzbərlədik ki, guya bizi vaizliyə hazırlayırlar. Rus dilini gərək belə danışaydıq ki, ruslardan bilmərrə fərqimiz olmayaydı. Və bu iki mühüm dərslərdən savayı, qeyri dərslər nisbətən o qədər də lüzumlu nəzərə gəlmirdi; məsələn, türk dilinin proqramda varlığı yoxluğuna bərabər idi. Və beş ilin müddətində əgər qabaqlarda molla yanında bir şey oxumamış olsaydım, adımı düz yazmaq qədərincə türk dilini öyrənə bilməyəcəkdim. Onunçün də mən özüm də, yoldaşlarım da, yay fəsilləri və təhsili tamam edəndən sonra mollalar hücrəsində xüsusi surətdə dərs oxumağa məcbur olduq ki, bir az-maz müsəlman savadından əxz edə bilək. Nə qədər Naxçıvanın müqəddəs mühiti və darülmüəlliminin əmmaməli müdərrisləri bizi Allahın yolunda saxlayırdılar, o qədər də oxumaqda olduğumuz coğrafiya və tarixi-təbii dərsləri öz işini görmədə idi. Dərsin birində dünyanın altı gündə xudavəndi-aləmin tərəfindən xəlq olunduğunu və xaliqin cümə günü dincə qaldığını oxuyanda, dərsin o birisində tarixi-təbii müəlliminin bəyanatı öz mənası ilə dinməz-söyləməz Allahın varlığını da şübhə altında buraxırdı, Adəm babamızın behişti ilə Nuhun tufanını bilmərrə inkar edirdi. Mən özüm darülmüəlliminini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq hüşyar dostlarıma rast gəldim və onlarla tutuşdum. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu. O vaxtlar arvadlarımızın əsarətdə olmaq söhbətləri təzə-təzə meydana atılmaq istəyirdi və birinci dəfə arvadları müdafiə edən sözləri Eynəli yoldaşımız vasitəsilə məşhur arvad azadlığı tərəfdarı Con Stüart Milin kitabında gördüm. Bu kitab ingilisdən rus dilinə tərcümə idi və o vaxt oxuduğum indi bilmərrə yadımdan çıxıb. Ancaq onu bilirəm ki, Con Stüart Mil bu kitabında hansı bir özü kimi Avropa yazıçısı ilə arvad azadlığı barəsində mübahisəyə girişmişdi və kitabında sübuta yetirirdi ki, arvad azadlığına indiyədək qoyulan sərhədlərin hamısı gərək götürülsün. Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və görduklərimi yazıya götürərdim. “Danabaş kəndi əhvalatı” sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım. Burada rəvayət olunur ki, nə tövr Danabaş kəndinin yüzbaşısı Xudayar koxa Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb şəhərdə satır və o pula orada bir övrət siğə eləyir. Və halonki, Məhəmməd Həsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə. Danabaş kəndində müəllim olduğum vaxtlar Naxçıvanda doxsan dörd və doxsan beşinci ildə böyük türk məktəbi açıldığına təsadüf edir. Və həmin məktəbi idarə etməyə doxsan dördüncü ildə Ordubaddan məşhur müdərris və şairimiz Məşədi Tağı Sidqi dəvət olunur. Həmin təzə türk məktəbi savayı ondan ki, nə qədər türk balalarının təzə üsulda savad və bilik əxz etmələrinə səbəb olur, həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün də bir darülürfan hesab olunur. Bununla bərabər mən müəllimlikdə on ildən artıq davam edə bilmədim və min səkkiz yüz doxsan səkkizinci ildə Naxçıvandan köçüb gəldim İrəvan şəhərinə ki, qeyri bir işlə məşğul olam. Bir az vaxt naçalnik divanxanasında mütərcim oldum və hətta polis məmuru da oldum. Ancaq gördüm ki, bu mənim işim deyil. Buradan çıxdım, özümü verdim ədliyyə idarələrinə və dava vəkili və advokat olmaq məşqinə düşdüm və bundan ötrü mülki hüquq qanunlarından və qeyri hüquq kitablarından mütaliəyə məşğul oldum. Ancaq məni xarab edən iş o idi ki, hər nə işə gedirdimsə, gərək bir yekə kağız əlimə alıb, hekayədən, nağıldan cızma-qaralayaydım. Min doqquz yüz üçuncu ildə xəstə övrətimi Tiflisə gətirib burada “Şərqi-Rus” sahibi Məhəmməd ağa Şahtaxtlıya rast gəldim. Məhəmməd ağa küçədə mənə rast gəldi və apardı “Annona” yeməkxanasına. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə gülürdü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd ağa məni zorla apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla mənim yatacağımı və şeylərimi qoydu faytona, məni apardı evinə ki, gərək qalam onun qəzeti üçun hekayə yazan olam. Mən qaldım... * * * Kitabxana.az · https://kitabxana.az/collections/memmedquluzade-xatiralar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1932). Public domain (author died 1932). Original text only.