Gəraylılar Miskin Abdal (1430–1535) Allah, ölümün haqdı Bu dünya, o dünya var, Allah, ölümün haqdı! Bir dirilik suyu var, Allah, ölümün haqdı! Axırın puçdu, dünya, Var ikən heçdi dünya. Hey gəldi, keçdi dünya, Allah, ölümün haqdı! Abdal, yastıq daş olar, Üst torpağın yaş olar. Mələklər yoldaş olar, Allah, ölümün haqdı! * * * Başın Namərd ilə yoldaş olma, Uzun ağrı çəkər başın. Halal ilə ərsəyə çat, Daş qalalar sökər başın. Xain baxma yaradana, Qibləgahdı ata, ana, Arxalanma, bəyə, xana, Qoy sağ olsun nökər başın. Haqdan istə bəxti-iqbal, Yaradanı yadına sal, Söz gövhərdi, Miskin Abdal, Saxla, dürdü, tökər başın. * * * Dönər Vətən deyib ağlayanın, Göz yaşları selə dönər. Axıb gedər gecə-gündüz, Bir məkanda gölə dönər. Yolu yorğun dağ aşanın, Axırı yox şöhrət-şanın. Qürbət eldə yaşayanın, Bir həftəsi ilə dönər. Bir yandadı hay-haraylar, Bir yandadı sonsuz vaylar. Çilçıraqlı çox saraylar, Yanıb-yanıb külə dönər. Mayasıdı haqdan halal, Hər kəlməsi sirli sual. Qərib olan Miskin Abdal, Bəlkə bir gün elə dönər. * * * Dünya, səndə nəyim qaldı Eşit, deyim, dünya səndə, Ayım, ilim, yazım qaldı. Qövr eləyir söz sinəmdə, Dil-dil ötən sazım qaldı. Yar sevmişdim, yarım getdi, Var yığmışdım, varım getdi, Eşqim, etibarım getdi, Ahım, ünüm, sızım qaldı. Qayaları sökdürərdim, Zərdən saray tikdirərdim, Yağıları çökdürərdim, Məndən təpər, dözüm qaldı. Ərşə-gürşə bəlli əslim, Yaradana ollam təslim, Adla, sanla olan nəslim, Bir oğlum, bir qızım qaldı. Hər nə varsa hədər imiş, Hər şey gəldi-gedər imiş, Ölüm yaman betər imiş, Yol-ərkanım, izim qaldı. Şadman könlüm tari-mardır, Şanda balım zəhri-mardır, Günüm-gecəm ahu-zardır, Şirin-şirin sözüm qaldı. Yaşayan kim, ölən kimdir, Ağlayan kim, gülən kimdir, Gedən gedir, gələn kimdir Nə mizrabım, nə sim qaldı. Yoxdur daha Şahənşahım, Ərşə bülənd oldu ahım, Adım, sanım, qibləgahım, Haqq çağıran səsim qaldı. Telli saza mizrab vurdum, Məclislərdə dastan qurdum, Neçə-neçə aşıq yordum, Sözüm düzüm-düzüm qaldı. Bir şəcərəm, bir kəşkülüm, Gur ocağım, odum, külüm, Yığın-yığın varım, mülküm, Al-qumaşım, bezim qaldı. Dünya puçdu, puçdu dünya, Dünya heçdi, heçdi dünya, Abdal, yaman keçdi dünya, Yaşamaqda gözüm qaldı. * * * Düşərsən Adamsansa, tələ qurma, Tələyə, fəndə düşərsən. Üzə durma, ara vurma, Zülmündən anda düşərsən. Hər yetənlə olma tanış, Yazın olar boranlı qış, Fikir eylə, sonra danış, Qəfil kəməndə düşərsən. Miskin Abdal, vəfadar ol, Ilqarında düz ilqar ol. Çətin günə şükürdar ol, Dönüb asanda düşərsən. * * * Gedin deyin Lələ bəyə Gedin deyin Lələ bəyə, Bu naleyi-əfğanımı. Qanlı fələk zülm elədi, Ayırdı candan canımı. Mən bu bağa girərəmmi? Gül dəstəsin hörərəmmi? Ya rəbb, bir də görərəmmi, Öz mürşüdü-sultanımı? Miskin Abdal bu nə kələk? Dövran qoymaz bizi gülək. Yerə vurdu məni fələk, Ucaltdıqca düşmanımı. * * * Fələk Yıxdın könlüm şəhrini, Dad fələk, aman fələk! Içdim hicran zəhrini, Zülm etdin yaman, fələk! Qara geyibdi sazım, Nə oxuyum, nə yazım, Nakam qaldı murazım, Vermədin aman, fələk! Zülm olmaz beyləsindən, Qoru şər hiyləsindən. Abdalın naləsindən, Bir diksin, oyan, fələk! * * * Allah, ölümün haqdı Bu nə dərddi, nə bəladı, Imdada çat, qadir Allah! Yollarımı sellər aldı, Imdada çat, qadir Allah! Gözü yolda qalanım var, Dərdə, qəmə dolanım var. Çiçək kimi solanım var, Imdada çat, qadir Allah! Atam-anam yoxdu burda, Gejə-gündüz ahu-zarda. Abdal qaldı yaman darda, Imdada çat, qadir Allah! * * * İsmayıla Bu tac, bu taxt qılınc vəfa, Şıx oğlu Şah İsmayıla. Xızır Nəbi ol Mustafa, Olsun pənah İsmayıla. Haxdan yerə gəlir bir səs, Bəxdin üzü dönməsin tərs. Qır qazana düşər nakəs, Etsə günah İsmayıla. Abdal telə mizrab vurar, Gün gələr ki, dastan qurar, Yerdə Əli kömək durar, Göydə Allah İsmayıla * * * Qocalıram Ay dolaşıb, il ötüşür, Yavaş-yavaş qocalıram. Ötən çağlar yada düşür, Əriyir yaş, qocalıram. Nə qədər həmdəmim vardı, İndi mənlə qalan yardı. Şəvə kimi telim vardı, Çallaşıb baş qocalıram. Hayıf ömür getdi bada, Qoy car olsun dosta, yada, Sözüm keçmir arvada da, Bişməyir aş qocalıram. Zimistandır hər gələn yaz, Dünya uzun, ömür də az... Dilimdə söz, əlimdə saz, Gözümdə yaş qocalıram. Miskin Abdal bəlli adım, Pərvazlanmır qol-qanadım... Qayaları oynadardım, Tərpənmir daş qocalıram. * * * Nədi? Tərs düşür fələyin işi, Lil basan axdımı, nədi? Fani dünyanın gərdişi, Dolanan çarxdımı, nədi? Qalanıb küfrün kürəsi, Yanırsan gözüm görəsi. Tutulub yolun yörəsi, Bir bilən yoxdumu, nədi? Miskin Abdal, işin xata, Üzün gedib ərşə çata. On iki ay müdam yata, Görgünən baxtdımı, nədi? * * * Yarım Dodaqları gül qönçəsi, Yanaqları lala yarım. Kölgən gələndə gün qaçar, Sən bəlasan, bəla, yarım. Tanrı səni var edibdi, Aşiqini xar edibdi. Fələkləri kar edibdi, Çəkdiyim ah-nala, yarım. Miskinin söhbəti, sözüsən, Cümlə gözəllər gözüsən. Bu dağların nərgizisən, Bürünmüsən şala, yarım. * * * Kitabxana.az · https://kitabxana.az/collections/miskin-abdal-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1535). Public domain (author died 1535). Original text only.