Qoşmalar Miskin Abdal (1430–1535) A dağlar “Xudahafiz” deyək, gəl halallaşaq, Daha ayrılıqdı, köçdü, a dağlar. Soldu gül, nərgizin, döndü xəzələ, Pozuldu işrətin, keçdi, a dağlar. Zənbur sızıldaşır şan üstə bala, Alladıb çoxların qoyubsan dala, Bənd olma dünyada dövlətə, mala, Axır aqibətin puçdu, a dağlar. Keçdi novbaharın, yazın qış oldu, Çərx hərləndi, ömür qəmə tuş oldu, Miskin Abdal, xəyalların puç oldu, Dolanıb güzarım düşdü, a dağlar. * * * A yaz ayları Başladı novbahar, çəmən seyrinə, Çıxıbdı gözəllər, ay yaz ayları. Ətrin qarışıbdı çəmən ətrinə, Dolanıb gözəllər, a yaz ayları. Səndə olar dağ, dərələr, göy çəmən, Baş verər qərənfil, nərgiz, yasəmən. Gəzərəm həvəsnən, alsam əsa mən, Könül cuşa gələr, a yaz ayları. Miskin Abdal, ömür keçdi heyinən, Bu mətləbi “Qocadağ”a deyinən, Öləndə məzarım gül-çiçəyinən, Üstümü bəzərlər, a yaz ayları. * * * Ayaq üstədi Bu gün bir bağçanın seyrinə vardım, Bu bağın bağbanı ayaq üstədi. Könül pərvazlandı şahı görməyə, Seyraqub yatmayıb ayaq üstədi. Salam verdim, əleyk aldım dərdindən, Səda gəldi dəryalardan, dərindən, Əlim üzməm ərənlərin əlindən, Ağam Şahi-mərdan ayaq üstədi. Miskinəm, qılginən inayət mana, Dəruləl məqamnan şəfayət mana, İnşallah yetişər bəraət mana, Haqq özü yatmayıb, ayaq üstədi. * * * Ağlaram Dostu-mehribanım, yetiş dadıma, Səndən qeyri yox imdadım, ağlaram. Ah çəkib, dağlara salaram səda, Qohum gəlməz, gülər yadım, ağlaram. Dəstində Zülfüqar, Düldülə süvar, Məhsəril-əcayib, bir adı Kərrar, Müşkülə düşmüşəm, könlüm intizar, Sən gəlməsən, ey ustadım, ağlaram. Salma nəzərindən, salma ilahim, Dar gündə köməyim, püştü-pənahım, Ərşə bülənd olub fəryadı-ahım, Abdaldı, Miskindi adım, ağlaram. * * * Ağlaram Sultanlar əyləşdi nərgiz taxtında, Aralığa Şəmşir endi, ağlaram! Məkas fəğan etdi dərya üzündə, Yelkənim tərsinə döndü, ağlaram! Nökər olan qulluq edər xanına, Məşuqlar susadı aşiq qanına, Cəbrayıl yetişdi haqq məqamına, Alışdı şahpəri , yandı, ağlaram! Ya Rəb, görən kimlər yetər dadıma, Həsrət qaldım ocağıma, oduma. Miskinəm, ərənlər düşdü yadıma, Didəm yaşı selə döndü, ağlaram! * * * Ağrı dağı Qüdrətdən yaradıf yaradan səni, Məğrur dayanıfsan sən, Ağrı dağı. Şöhrətin tutufdu cümlə cahanı, Məftunam hüsnünə mən, Ağrı dağı. Başında qış olar, ətəyində yay, Təksən bu dünyada, yoxdu sana tay. Qartallı qoynundan kəsməz, hay-haray, Çəkilməz başınnan çən, Ağrı dağı. Nuhun gəmisinnən bir xəvər söylə, Karvana yetmirəm, sarvanı əylə. Bu Miskin Abdala inayət eylə, Danış bircə kəlmə, din, Ağrı dağı. * * * Bundan sənə nə Aləmi palçıqdan yaradıb, yapdm, Yapıb da neylərsən, bundan sənə nə? Xəlq edib insanı cahana saldm, Salıb da neylərsən, bundan sənə nə? Baqqalmısan, tərəzini neylərsən? İşin, gücün yoxdu, könül teylərsən, Qulun günahını kitab eylərsən, Lap çıxdın sonuna, bundan sənə nə? Bu Miskin Abdalm haqdı sözləri, Soldu gözəllərin gül bənizləri, Od-alova düçar etdin bizləri, Yıxdm qullarını, bundan sənə nə? * * * Əlif-Lam Təmiz əkilmişəm, pak doğulmuşam, Atadan-anadan lütfi-halalam. Dərsimi haqq verib, ağdan almışam, Dilimdə əzbərdi doxsan min kəlam. Qafdan qərar tapmış, kafdan kainat, İsti feylü-hərfi olmuş əsli-zat, Veydən bəna tutub, kaf-nunnan nicat, Yeydən bişərikdi, bişərikdi lam. Əlifdən əladı, alidən ali, Cimdən dücahandı, böyük cəlalı, Mimdən mehribandı məddi-məalı, Nun-hər vaxt zəmini xəlq edib tamam. Şin şükrü sənalar, vav vahid ismə, Hey həlim, rey rəhmi acı yel əsmə, Zey zəlil bəndədən, sin nəzər kəsmə, Sat sahib ixtiyar, mən həqir qulam. Ocaqzadə bir təb əhli nökərəm, Küyində qələndər, sinə dəftərəm, Mimnən Məhəmmədəm, cimnən Cəfərəm, Ləqəbi çox olan Miskin Abdalam. * * * Dağlar Məğribdən məşriqə səf çəkib durub, Qüdrətdən çatıbdı baş-başa dağlar. İtaət boynuna salıb həmayıl, Misli pəsənd, xotkar, xan, paşa dağlar. Baxıb hökmü yekdal dürrey, dükafa, Gah kükrərsən, gah gəlirsən insafa. Pey peykərə çəkib, bəyaz ləffafə, Pərvərdin geydirib qumaşa dağlar. Ağ çeşmən sərindən car elər seli, Yaşıl tirmə qurşar, ədağa beli. Dağıstan kölgəsi, zabitə yeli, Sərin səfalıdı həmişə dağlar. Baxıb hökmü-yekdal, dürrey-dükafa, Gah kükrərsən, gah gələrsən insafa. Pey peykərə çəkib, bəyaz ləffafə, Pərvərdin geydirib qumaşa dağlar. Nəs illərdən satın aldın pis günü, Çağırdın dumanı, tökdün çişkini. Gözü yaşlı qoydun cüda Miskini, Eylə gülə-gülə tamaşa, dağlar. * * * Dağların Adəmdən cavandı, Nurdan qocadı, Bir sirdi, bilinməz yaşı dağların. Tufana əyilməz, yada basılmaz, Həmişə qar olar başı dağların. “Əhvalı necədi? - bir səyyaddan sor, Quşa cələ olur, ahulara tor, “Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”, Səs alar, səs verər quşu dağların. Qüdrətdən yetibdi uca barata, Sinəsi açıqdı elə, elata, Mən Cüda Miskinəm, başımda xata, Kəsib yollarımı qışı dağların. * * * Dolanar "Şişpilləkən" dağların şah dağıdır, Maralları neçə başı dolanar, Quldur-qaçaq bu yerlərə yağıdır, Fürsət güdər, dağı-daşı dolanar. Ətəyində durna gözlü gölü var, Zirvəsində dərilməmiş gülü var, Yağılara basılmayan eli var, Yazda yazı, qışda qışı dolanar. Torpaqları zər yükünə yüklənib, Könül sazı "Şahsevən"ə köklənib, Karvanları uzaq səmtə diklənib, Nagah-nagah burda naşı dolanar. Basılmazdır hər igidi, ərəni, Biri saxlar neçə bəndi, bərəni, Baxıb, görsə dağda çiçək dərəni, Ürəyində can ataşı dolanar. Doğmaları bu torpağa yad olmaz, Qəriblərin dəhanında dad olmaz, Qürbət eldə Miskin Abdal şad olmaz, Gözlərində kədər yaşı dolanar. * * * Dönərmi Qadir Allah, əlim əldən uzaqdı, Yazıq könlüm görən indi dinərmi? Vaxt yetişib ömürdə qış-sazaqdı, Şahin könlüm yuvasına enərmi? Elim qalıb neçə dağlar dalında, Qismətim var yazılıbsa alında, Gedəcəyəm ayaq qalsa yalın da, Pir igidin çırağı da sönərmi? Miskin Abdal hanı zərdən libasın? Insan olan unudarmı obasın? Yada salıb ulu-ulu babasın, Axır günü Göyçənin heç dönərmi? * * * Gedər Guşə-guşə yanıb nara yaxıldım, Cismim od atəşə qalanıb gedər. İmtahan eylərlər könlüm şəhrini, Eşqi haqdan qeyri talanıb gedər. Dərviş olan getməz fitnə-feyliynən, Yandırar şammı o öz əliynən. Yalan reymanıynan, haça diliynən, Könül yar yolunda allanıb gedər. Qiylü-qaldı səhər-axşam əhvalım, Tor görür gözlərim, qarışır halım, Qanlı çeşmi yazıq Miskin Abdalın, Coşqun çaya nisbət sellənib gedər. * * * Gedəsiyəm mən Başına döndüyüm gül üzlü ana, Butamın dalınca gedəsiyəm mən. Ağlıyıf qəlbimi döndərmə qana, Butamın dalınca gedəsiyəm mən. Dua et, Tanrıya ağlama daha, Getməsəm bataram böyük günaha. Bağla umudunu böyük Allaha, Butamın dalınca gedəsiyəm mən. Yanmış ürəyimin qalmıyıf halı, Zarıncı eyləmə Miskin Abdalı. Eşitsin qoy bütün Göyçə mahalı, Butamın dalınca gedəsiyəm mən. * * * Qaldı İnsan oğlu, qeybət etdin yoldaşdan, Kəsdin haqq-salamı, harası qaldı? Söz yetişdi sahibinə, utandın, Axır, sənə üzün qarası qaldı. Pislikdən nə çıxar, söylə, ay insan, Çıxmaz yaddan, yüz il keçsə aradan. Tutaq ki, bir insan çıxdı sıradan, Kimə zər-zibası, xarası qaldı? Miskin Abdal, bəsdir daha bu qədər, Bülbül nəğmə deyər, bayquşlar ötər. Xəncərdən, bıçaqdan, qılıncdan betər, Sinəmdə pis sözün yarası qaldı. * * * Qaldı Bahar vaxtı yol başdadım Təbrizə, Günüm qaldı, ayım qaldı, il qaldı. Öz elimdə mələkmisal gözəllər- Yanax qaldı, dodax qaldı, tel qaldı. Savah-savah yarpaqlara şeh düşür, Gül bülbülnən, bülbül gülnən öpüşür. Asimanda ulduzdarı sayrışır, Tufan qaldı, şimşək qaldı, sel qaldı. Bu güllərdən dəstələ, al əlinə, Miskin Abdal, apar canan elinə. İzin versə, düz yarının telinə, Çəmən qaldı, çiçək qaldı, gül qaldı. * * * Qocaldım Yaman yerdə yoxlayıb məni, Hey desəm də qocalmaram, qocaldım, Yüzü keçib silkələyir baxt məni, Nə olsun ki, mən pirəm, nuram qocaldım. Seyid mənəm, pay paylayan dərvişəm, Namərdlərin xatasmı görmüşəm, Çox könüldə mən qalalar hörmüşəm, Sızıldayır qanlı yaram, qocaldım. Miskin Abdal yolu haqqın yoludu, Bir seyiddi şahi-mərdan quludu, Əsli, zatı ululardan uludu, Bilməmişəm nədi haram, qocaldım. * * * Məni Əhdinən, səmədən həyya layəmud, Tut dəstimdən, yetir dür üstə məni. Görsən nadürüstəm, vermə dürüstə, Dürüstəmsə yetir dürüstə məni. Səmimizə yetişməyir haqq səda, Bir gün olar bükürərlər ağ səda, Günbəz əl xizrədə, məscid-əğsada, Onlar da tanıyır dür usta məni. Əbcət hesabilə dərs aldım ağdan, Baxmadım qaraya, dərs aldım ağdan, Heyvatək soyuldum, dərs saldım ağdan, Yetirdim dərsimi-dürüst aməni. Mən Miskinə haqdan gəldi “sin” ayə, Xətm olundu, İrəsula sinayə, Gör necə çulğaşıb sinə-sinayə, Tifiltək görmədim dürüst aməni. * * * Nökərəm Qadir Allah qismət etdi cəfanı, Gecə-gündüz qəm kotanı çəkərəm, Elə bildim qopdu Nuhun tufanı, Bəxt şumuna dərd-sərimi əkərəm. Kəsilməzdi əllərimin səxası, Zərdən idi köynəyimin yaxası, Sınaqlıdı abidlərin çuxası, Başım ilə daş qalalar sökərəm. Qürbət eldə yanar ömür sürənlər, Yasa batdı bu halımı görənlər, Yada düşsə igid ərlər, ərənlər, Göz yaşımı sel yerinə tökərəm. Həsrət qaldım Göyçə kimi elimə, Əl uzatdım, əl çatmadı əlimə, Əslim, zatım manşır olub aləmə, Evlər yıxmaz, müdam evlər tikərəm. Miskin Abdal, çox ağlayıb sıxtama, Başa vurdum nə düşübsə baxtıma, Ömür keçib, nə qalıb ki, vaxtıma, Haqq yolunda mən bir qulam, nökərəm. * * * Olmaz Sultanım fərmanı, paşa qəzəbi... Paşam, mürvət eylə, belə kar olmaz. Üzdü məni bu yolların əzabı, Paşam, mürvət eylə, belə kar olmaz. Canım qoydum mürşüdümün yolunda, Sərdakərdan qalmışam Urum elində, İslam bada gəlir cəllad əlində, Paşam, mürvət eylə, belə kar olmaz. Cüda Miskin çəkər qəmi-möhnəti, On iki imamdı Peyğəmbərin züryəti, Sünnü, şiə Məhəmmədin hümməti, Paşam, mürvət eylə, belə kar olmaz. * * * Piriydi Asta gedən bu gözəllər sultanı, Yerişindən məlum olur Hürüdü. Deyin bəsdi, mənim xəstə canımı, Siyah zülfün zəncirində sürüdü. Şah hüsnünün sütunundan asıldım, Çıldır-çıldır dörd məqama yazıldım, Hicran ləşkərinə endim, basıldım, Yan-yörəmi qurdlar-quşlar bürüdü. Seyraquba yıxıldımı görən nər? Aşıq smsa sin axtarar gör enər, Belə dedi bu çağımı görənlər: “Miskin Abdal bir zamanlar piriydi”. * * * Ya Əli Ələstü-Rəbbi cəm xitab olanda, Xub qailəm o adma, ya Əli. Sənin pənahına iman gətirdim, Bərqəraram o sevdana, ya Əli. O “zey”, “fey” adma o nuri səfa, Yetişsin şəninə hər quli-kəfa, Varlığın mənası dini-Mustafa, Sərxeyli-karvanm Cüda, ya Əli. Fəthi şəhri - Zərrin, qatili - Salsal, Mürşüdü-Cəbrayıl, şahi-beyzaval, Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal, Müsəmmasan bir Minada, ya Əli. Əzrayıl çəmgəlin cana çalanda, Ruhlar pərvaz olub cəsəd qalanda, Üz xakə döşənib zəlil olanda, Özün yetiş o fəryada, ya Əli. Məhşər günü özün tutarsan camı, Tutmuş ətəyindən nikü-bad, hamı, Seçmə muxsullardan Miskin Qulamı, Kərəm et kövsərdən badə, ya Əli. * * * Unutma Aşıq, gəşt eləyib ağır elləri, El içində namus, arı unutma. Yaxşı dolan, təmiz saxla admı, Dost yanında etibarı unutma. Halal mala haram qatmaq nə lazım? Hədər yerə kaman atmaq nə lazım? Yar-yoldaşa yalan satmaq nə lazım? Əhdi-peyman, düz ilqarı unutma. Miskin Abdal, bir qonaqsan dünyada, Könlün bir dəryadı, ürəyin ada, İstəsən ki, yetişəsən murada, Yaş torpağı, dar məzarı unutma. * * * Kitabxana.az · https://kitabxana.az/collections/miskin-abdal-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1535). Public domain (author died 1535). Original text only.