Aşıq rəvayətlər Molla Cümə (1859–1920) Molla Cümə ilə Aşıq Ələsgərin deyişməsi Rəvayətə görə bir dəfə Molla Cuma gəlib çıxır Aşıq Ələsgərin və şəyirdlərinin yaşadığı bir ocağa. Şəyirdləri görürlər ki, qəribin sazı var. Qonağı dişlərinə vurmaq istəyir, ona atmacalar atırlar. Cuma onların cavablarını yerli-yerində verib pərt eləyir. Hadisəni müşahidə edən Aşıq Ələsgərin xoşuna gəlir Molla Cumanın hazırcavablığı. Aşıq Ələsgər soruşur: “Aşıq, hardan gəlib, hara gedirsən?” Alıb Molla Cuma görək nə deyər: Ağalar, xəbər alsanız, Bilin mən hardan gəlirəm. Cəsədim od tutub yanır, Çıxıban nardan gəlirəm. Mənsur təki müsəxxərdim, Qurtarıb dardan gəlirəm. Aparıb əqlim, kəmalım Satıb bazardan gəlirəm. Billah təmiz uzaq olub, Namusdan, ardan gəlirəm. Bir şəhərə yolum düşdü, Sultanı çıxmış başa da Qabağında əl bağlayıb, Qalmış yüz on dörd paşa da Altı min iki yüz otuz doqquz Bayraq var yanaşada, yetmiş yeddi min doqquz yüz otuz dörd qoşun Nizam oynar tamaşada. Otuz qapıdan keçibən Mən o şəhərdən gəlirəm. Bir qarıynan bir qoca, Əyləşmişlər xanasında. İyirmi dörd gəlin vardır, Həm onların binasında. Hər gəlinin altmış uşaq, Düzülübdür sinəsinə. On beş-on beş süd əmərlər, Dörd məmə var anasında. Mocuzata heyran olub Çərxi-qəvvardan gəlirəm. Bir əjdaha kəsdi yolum, Gördüm on iki başı var. Hər başında birdir ağzı, Ağzında otuz dişi var Hər kəllədə dörddür gözü, Tamam yüz əlli qaşı var Qabağında yazılıbdır Üç yüz altmış yaşı var Qorxma deyib mərd yerişli Cəlil Cabbardan gəlirəm. Bir bezircan seyrə çıxmış Doxsan doqquz qul dalınca Gündə beş vaxt iş işlərlər Ta İsrafil sur çalınca. Bir şah qırar öz qoşunun Təki özü tək qalınca Arif olan bu suala Cavab verər kamalınca. Mən Cümədə xəvər çoxdur, Gəzib diyardan gəlirəm. Aşıq Ələsgərin şəyirdləri qıfılbəndi aça bilmir, sazlarını verirlər Molla Cumaya, Molla Cuma götürmür, deyir ki, mən bura saz yığmağa gəlməmişəm, söz öyrənməyə gəlmişəm. Rəvayətə görə Aşıq Ələsgərlə Molla Cuma üç gün, üç gecə deyişirlər. Axır bu qərara gəlirlər ki, onlar bir-birini bağlaya bilmirlər, əl verirlər, bir-birinin sazın öpüb doğma qardaş kimi deyə-gülə ayrılırlar... * * * Molla Cümənin Molla Surxaydan gileyi Molla Cuma nədənsə Molla Surxayın ondan inciməsini hiss edir və məsələni aydınlaşdırmaq məqsədilə dostunun evinə yollanır. Qapının dalından “ay Molla Surxay, ay Molla Surxay” deyə çağırsa da balta ilə odun doğrayan Molla Surxay aşığı səsindən tanısa da buna əhəmiyyət vermir. Molla Cumanı səsindən tanıyan Molla Surxayın arvadı ərinə deyir ki, bu gələn Molla Cumadır, çıx qabağına, yoxsa o sazını çıxarıb sənə həcv qoşar, yaxşı olmaz, Molla məktəbində bir yerdə oxumusunuz, ərəb-farsı öyrənmisiniz, neçə illərin dostusunuz, gör nə deyir. Sən demə, Molla Surxayın hüzürü düşüb və o elə bilib ki, Molla Cuma bunu bildiyi halda başsağlığına gəlməyib. Bu səbəbdən də aşıqdan inciyib. Əslində isə Molla Cumanın bu hüzrdən xəbəri olmamışdır. Molla Surxayın onu soyuq qarşıladığını görən aşıq sazını çıxararaq bu müşairəni deyir: Dünyadı Salam olsun sənə, ey molla Surxay, Bel bağlama, ha bu, yalan dünyadı. Qulpun tutub çox eyləmə haqqı-say, Qabağı gül, dalı solan dünyadı. Əbdürrəhmandan hanı edən xoş səfa, Şamxal bəyi tək eylədi bivəfa, Hanı Rüstəm, hanı molla Mustafa, Kim qalıbdır, kimə qalan dünyadı. Çox yoxsulu qalxızıban bay eylər, Çoxlarını dağıdıban zay eylər, Çoxlarının göz yaşını çay eylər, Çoxlarına talan salan dünyadı. Çoxlarına gül-bənövşə iynədir, Çoxlarını gecə-gündüz göynədir, Çoxlarını dırnaq üstə oynadır, Çoxlarına təmbur çalan dünyadı. Mən Cumanın hal-əhvalın bilmədim, Dostluğuna yoxsa layiq görmədin, Hər an sorram, bir haysa da vermədin, Belə olmaz, ölüm olan dünyadı. Molla Surxay baltanı yerə qoyaraq gəlib Molla Cuma ilə səmimi görüşüb onu evinə aparır, başına gəlmiş qəzəvü-qədərdən söz açır, aşıq isə bu hadisələrdən xəbərsiz olduğunu bildirir, üzrxahlıq edir. * * * Molla Cümənin Qıpçaq səfəri Molla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddə tanımırlar. Qışın oğlan çağı idi, hər yerə qar yağmış, buz bağlamışdı. Bunun da bir arıx atı olur. Molla Cuma babanı çəkirlər isti evə, atı isə soyuqda həyətdəki tut ağacına bağlı halda, baxımsız qalır. Aşıq görür ki, əgər at bu vəziyyətdə səhərədək çöldə, ayazda qalsa, aclıq və soyuqdan öləcək, özü isə atsız, piyada qalacaq. Molla Cuma baba evdəkilərdən soruşdu ki, sizə saz çalım, yoxsa Qur”andan, şəriətdən oxuyum. Cavabında ev yiyəsi qayıtdı ki, qurban olum Qurana, insana öləndə lazımdı yasin oxumaq, bizə saz çalın, ürəyimiz darıxır. Bu arada ev sahibəsi elə hey deyinir və Molla Cumaya deyirdi ki, atı tövləyə bağlamayın, qoyun-quzunu, dana-buzovu vurar. Arvad atı tövləyə qoymaq istəmirdi. Molla Cuma baba da fikirləşdi ki, əgər sazı əlimə alsam bu arvada elə həcv qoşacağam ki, atı öz əli ilə aparıb qoyacaq tövlədə arpanın üstünə. Görək aşıq sazı əlinə alaraq nə deyir. Müxəmməs Bir müsafir sənə qonaq gələndə, Əvvəl əldən onun atına baxın. Tutun noxtasından çəkin tövləyə, Arpadan, samandan, otuna baxın. Müsafiri xanasına yetirin, Əldən-ələ, dildən-dilə götürün. Ya üzbəüz, ya düzbədüz oturun, Aşından, ətindən, çayına baxın. Molla Cümə sizə qonaq gələndə, At üstündə buz deyiban qalanda, Ürək sevib bir arvadı alanda, Axtarıban onun zatına baxın. Arvad başa düşür ki, Molla Cuma bu sözləri ona deyir. Cəld çölə çıxaraq atı tövləyə salıb, arpanın, otun üstünə qoyur. * * * Molla Cümənin qərib aşıqla görüşü Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən öz mahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı bir qazanda qaynamaz. Gərək biz ayırd eliyək, ya o məni bağlasın, ya mən onu. Belə olanda qərib aşığa deyirlər ki, sən o kişi ilə bacarmazsan, o kişi dörd dili bilir, sən isə az savadlı adamsan. Deyir yox, mən də çox söz bilirəm. Qərib aşıq iki şagirdini də götürüb sorağa-sorağ, sorağa-soroğ gəlib çıxır Baş Layisqiyə. Molla Cuma babanın öyünə çatanda görür həmin qapıdı. Buna yaxşı qulluq eliyir, xidmətində dururlar. Lakin o, qarşısında dayanmış Molla Cumanı tanımır. Qərib aşıq qayıdır ki, bəs biz Molla Cumanı görmədik. Bunu eşidən Molla Cuma sazı sinəsinə sıxaraq deyir: Tanı, mənəm, Bil, mənəm, Gör, mənəm, Eşit, mənəm, Dil, mənəm. Qərib aşıq deyir ki, nə dediyini anlamadım. Molla Cuma qayıdır ki, bunu başa düşməyə nə var ki, tanı, mənəm, gör, mənəm, bil, mənəm, eşit, mənəm, dil, mənəm - Molla Cuma mənəm. Deyir onda çöp tutaq, görax kimə uzunu düşür, kimə qısası. Gödək çöp kimə düşsə deyişməni o başlayacaq. Uzun çöp düşür qərib aşığa, gödək çöp Molla Cuma babaya. Molla Cuma baba sazı sinəsinə alaraq bir zəncirləmə söyləyir: Aşıqlıq Adəmdən icad olubdu Ol Adəm atanın nəvəsiyəm mən Nəçi bu dünyaya aşıq gəlibsə, Külli aşıqların anasıyam mən. Aşıqlar anasıyam, şairlər kökü, Gəzirəm dünyanı divanə təki Mahalım Göynükdür, şəhərim Şəki, Layisqi kəndinin binasıyam mən. Binəm Layisqiyə düşübdür mehman, Pədərim Salehdir, madərim Reyhan, Vələdim Həsəndir, əxim Süleyman, Familim Molla Oruc, əbnasıyam mən. Təbibsiz dərdlərin dəvasıyam mən Əbnayam, kəntərəm, hər dərdə dərman Nəbim Mühəmmətdi, əhdi Quranam Mömün qardaşların aşnasıyam mən. Mollada mollayam, Molla Cumayam İsmi Pünhan ilə sülh pərvanıyam, Gəlmişəm dünyaya bir gün fənayam Axır Kərəm kimi yanasıyam mən. Aşnayam, gedərəm doğru yolunan, Bülbüləm söhbətim olar gülünəm, Danışsalar yetmiş iki dilinəm, Ol qədər arifəm, qanasıyam mən. Oxuram, ustaddan almışam dərsi, Oxumuşam ərəb, türkinən farsı, Fikrim seyr eliyir əkirən kürsü, Dərin kitabların mənasıyam mən. Qərib aşıq deyişməyə girişmir. Deyir, ustad, mən səni görməyə gəlmişdim, izin ver, qayıdım öz yurduma. Halallaşıb ayrılıllar. * * * Haram ət Dağıstandan Molla Cumanın bir aşıq dostu varmış. Molla Cuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq qoçu göndərir və xahiş edir ki, ətin halalını yeyib, haramını ona qaytarsınlar. Molla Cuma qoyunu kəsdirir, ətini kabab edərək yeyirlər. Dişlərinin dibində qalan əti yığaraq Dağıstanlı aşıqa göndərib deyir ki, al, bu da saa ətin haramı. * * * Molla Cümə və Bilal İsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toya gedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan evlərinə qayıdırdı. Bilal varlı olsa da çıx xəsis idi. Yoldaşları Molla Cumadan xahiş edirlər ki, ürəyimiz yanır. Bilal kişidən bir yemiş al, yeyək sərinləyək. Biz istəsək verməz, ancaq hər halda sənin kimi adlı-sanlı, hörmətli adamın sözünü yerə salmaz. Bilal kişi bunların yanına çatanda Molla Cuma deyir: Bilal dayı, uşaqların ürəyi yanır, bir yemiş ver, yeyib sərinləsinlər. Bilal kişi “yox” deyir və başlayır arabanı sürməyə. Pərt olan Molla Cuma cürə sazını çıxarır və deyir: Bilal kişi, bir dayan iki kəlmə sözüm var, deyim get. Sazı görən Bilal kişi işi başa düşür. Əl atır arabaya, böyük bir yemiş götürür və uzadır Molla Cumaya. Molla Cuma cürə sazı sinəsinə basır və görək nə deyir: Bir qulaq as tərifinə, eşşəklik etdin Bilal. İstədik biz bir kal yemiş, verməyib ötdün Bilal. Sallayıb qaş-qabağın, qəm küpünə batdın Bilal. Yekəbaş, uzunqulaq olmaz işi tutdun Bilal. Könlümün şüşəsinə yamanca daş atdın Bilal. Versəydin bir kal yemiş, biz yeyərdik bal yerinə, Yox imiş qanacağın, bağlasınlar mal yerinə. Yunusun ... qoy altına fal yerinə. Küngütlü Həmid batırsın, saqqalının çal yerinə. Onların cərgəsinə necə özün qatdın Bilal. Üç yoldaş biz idik: Molla Abakər, bir də Saat. Yoldaşın Həşim sənin, işlərinə olsun şahat. Batırsın Allah səni, çörəyini etsin qəhət. Sən tutan dəyyusluğu, tutmaz idi bəni Əhət. Aləmə etdiyin məkri, bizə də etdin Bilal. Molla Cuma, dayı, dedi, utanmadın yox deməyə. İndi mən də utanmaram, saqqalına ... deməyə. Verdiyin kal yemişi, al gözünə sox deməyə, Ciyərinə, bağrına həm ürəyinə ox deməyə, İstəyirdin bu tərifi, muradına çatdın Bilal. * * * Molla Cümə ilə Aşıq Donunun deyişməsi Günlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu Şəkinin Daşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən yeyib-içəndən sonra aşıq Donu getməyə hazırlaşır və deyir: Cuma, sən hələ cavansan, mənsə qocalmışam, uzağım yaxınlaşıb. Şeirlərindən bir neçəsini ver, aparım, dəftərimdə yadigar qalsın. Molla Cuma onun xahişini yerinə yetirir və deyir: Aşıq Donu, sən qocalmısan, elə bir söz yadigar qoyub get ki, bizdən əvvəlki aşıqlar o üsulda söz deməmiş olsunlar və bizdən sonrakılara bir şey vermiş olaq. Aşıq Donu fikirləşir ki, aşıq ədəbiyyatında indiyə kimi ustadnamə var, divani var, təcnis var, cığalı təcnis var, müxəmməs var, cığalı müxəmməs var, qəzəl var, gözəlləmə var və s. hamısı var, əvvəl-axır var və il. Başlayır ki: Cuma, gəl indiyə kimi heç kim deməyib, biz cığalı gəraylı deyək. Cuma qayıdır ki: Ay ustad, o qonşudan gəlməyib, evdə bişməyib. Nə bilim necə şeydi? Sən başla yeri, mən arxanca gəlim. Alır Aşıq Donu, belə deyir: Yeri-yeri çeşmi laçın, Özgələrə vermə maçın. Dal kərdanda siyah saçın Hörüb, sökər, Yana tökər, Şana çəkər, tel vay eylər. Aldı Molla Cuma Aşıq məşuqdan ayrılsa, Canı yanar, göz vay eylər. Yarı yadnan gəzən görsə Bir ah çəkər, Qəddin bükər, Yaşı tökər göz vay eylər. Aldı Aşıq Donu Yeri-yeri ləbi qönçə, Boyu uzun, beli incə. Məlul, məlul sən gəlincə Gözüm baxar, Eşqin yaxar Kəmər sıxar, bel vay eylər. Aldı Molla Cuma Qiyməti yoxdur maçının, Müşkül-ənbərli saçının. Bəxti dönsə bir ovçunun, Dağdan köçər Murğu uçar Ceyran qaçar, düz vay eylər. Aldı Aşıq Donu Kərəm sevdi Əsli xanı, Uçurdu tülək-tərlanı. Bir yar üçün aşıq Donu Qaynar, coşar, Həddən aşar, Ayrı düşər, el vay eylər. Aldı Molla Cuma Fələk qoymur yetəm kama, Kim dözər böylə sitəmə, Dost boynuna Molla Cuma Qolun dolar, Qurban olar Busə alar, üz vay eylər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-asiq-revayetler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.