Dastanlar Molla Cümə (1859–1920) Molla Cümə ilə Aşıq Könülün deyişməsi Aşıq Könlü bir gün səhər tezdən dan yeri ağarmamış cardan durub Molla Cumanın evinə gəlir. Qapını döyür. Arvad deyir: -Kimsən? Deyir: -Molla Cumanı istəyirəm. Arvad: -Molla Cumaya xəbər verir. Molla Cuma tumançaq kürkünü çiyninə salıb əlində xəncər Aşığın qabağına çıxır. -Salam. -Əleykəssəlam. Xoş-beşdən sonra Molla Cuma deyir: -Buyur, evə gedək. Aşıq Könlü deyir: -Xeyr. Evə getməyə gəlməmişəm. Deyişməyə gəlmişəm. Ya sən aşıqsan, ya mən. Deyir: -Gəlmisən çox gözəl, buyur dəyişək. Aldı Könlü görək nə deyir: Könlü: Salam olsun sənə, ey Molla Cuma, Yaqut ya mənəmi, ya mənmi gəlim? Bir neçə sözlər var bil xəyalımda Yaxşımı söyləyim, yamanmı gəlim. Cuma: Salam olsun sənə ey aşıq Könlü Yaqut mədəninə gəlirsən bir gəl Uzaxdan uzağa eyləmə hap-gop ………… olub gəlirsən dur gəl. Könlü: Girməyib dəryada ay üzdə dursun Süsəni sünbülü ay üzdə dursun. İstərsən saxlayım ay üzdə dursun, İstərsən çalxıyıb ya mənmi gəlim. Cuma: Bir ad sevdim heç vermərəm min ada Bir daş atdım dəydi düşdü Minada, Durmaz üzdə qalxıbsanda minada, Azdan nə bağlıdır gəlirsən dur gəl. Könlü: Məyən olsa haçan çatar at mənə Müjgan oxun sinəm üstə at mənə. Könlü deyər bir imtəhan at mənə Ya sən gəlirsənmi, ya mənmi gəlim. Cuma: Piyada atlıya çatmaz edalım Tənə sözlə ciyər bağran edalım İstəyirsən bir imtahan edalım Molla Cuma gəlməz, gəlirsən dur gəl. Molla Cuma deyir balam bura qapının ağzıdır. Burda durmaq yaxşı deyil. Görən bizi məzəmmət eylər. Gedək evə çay içək, çörək yeyək, oturaq söhbət eliyək. Sonra nə qədər istəyirsən yenə dəyişək. Könlü deyir elə şey yoxdur. Burda dəyişəcəyik. Belə olanda Molla Cuma başlayır. (Dübeyt) Xoş gəlmisən, Aşıq Könlü, Yerin vardır gözüm üstə Fərş edərəm ayağını Baş qoyaram üzün üstə. Könlü: Sağ olginən Molla Cuma, Bir cavab ver dilim üstə Gərək deyəm qulluğunda Söz qoşginən sözüm üstə. Cuma: Buyur gedək evə qonaq, Haq verəndən yeyək içək, Cavabın var orda açaq Söz qoygilən sözüm üstə. Könlü: Gəlməmişəm yemək-içməyə Yoxsa istəyirsən qaçmağa. Gəldim sənnən dəyişməyə Sazın durur qolum üstə. Cuma: Cumayam bilmərəm halın, Dərinə düşüb xəyalım, Görüm nədir su sualın Cavab verrəm dizim üstə. Könlü: Aşıq Könlü tanı mənəm Eşq əhlinin canı mənəm Canlıların canı mənəm Əl qoyginən əlim üstə. Molla Cuma yenə təklif eləyir. Aşıq Könlü qəbul eləmir. Camaat bunların başına yığışır. Onlar da Könlüyə evə getməsini xahiş edirlər. Könlü isə razı olmayıb inadla deyir: Gəlmişəm. Ya mən bunun aşıq olmadığını sübut edib gedəcəyəm. Sazını əlindən alacağam, ya da bu məni yenəcəkdir. Deyişməyə başlayırlar. Könlü: Molla Cuma, səndən xəbər alayım O nədir ki, dünya qubarda durdu, Binasın atəşdən yaratdı allah Axırda məkanı finnarda durdu. Cuma: Aşıq Könlü, sənə xəbər verəyim O şeytandır dünyada qubarda durdu. Binasın atəşdən yaratdı allah Axırda məkanı finnarda durdu. Könlü: Quranı göylərdən göndərən kimdir Alıban yerlərə əndirən kimdir Kafiri İslama döndərən kimdir Dönən azad oldu, dönməzi qırdı. Cuma: Quranı göylərdən allah göndərdi Cəbrayıl gətirib yerə əndirdi Kafiri İslama Əli döndərdi Dönən azad oldu, dönməzi qırdı. Könlü: O hansı sultandır dörddür vəziri O hansı surədir birdir vəziri O hansı nəbidir yedi hazırı Dilədi moladan yanında gördü. Cuma: O xatəmi muxtardır dörddür vəziri Oğulhüvəllahdır birdir vəziri O İsa peyğəmbərdir yedi hazırı Dilədi moladan yanında gördü. Könlü: O nədir ki, nuhun gəmisin deşdi, O nədir ki, otun şirinin seçdi O kimdir ki, abi-həyatdan içdi Bilinməz məkanı hardadır yurdu. Cuma: O siçandır Nuhun gəmisin deşdi, O arıdır, otun şirinin seçdi. O xızırdır abi həyatdan içdi Bilinməz məkanı hardadır yurdu. Könlü: Mən Aşıq Könlüyəm, hər yerdə adlı O hansı surədir bir yerdə məddi O hansı surədir ayəsi yeddi Oxunur hər zaman dildə əzbərdi. Cuma: Mən Cumayam, hər yanda söhbəti dadlı, O ənzalnadır bir yerdə məddi O süreyi əlhəmdir ayəsi yeddi, Oxunur hər zaman dildə əzbərdən. Bundan sonra Könlü hirslənib lateyer (götəlləmə) deməyə başlayır. Könlü: Molla Cuma səni agah eyləyim Hünərin yoxsa araya girmə. Aşıqlar söhbəti qoç davasıdır Beş qafiyə ilə araya girmə. Cuma: Aşıq Könlü yəqin inan bilginən Şələsi olmayan dəyirmana girməz Bir məsəldir atalardan qalıbdır Yabıya dözməyən xarmana girməz. Könlü: Çıxıb çölə tədarükün görməyən Dava etməz hünərini bilməyən Cibində ehtiyat pulu olmayan Nə məclisə getməz, meydana girməz. Cuma: Çıxanda tədarükün görginən çölün İşin düşsə bir yana çatmaz əlin. Cibində yox isə ehtiyat pulun Özgə ilə mərc etmə qaraya girmə. Könlü: Aşıq Könlü könülləri bəsləyər Düşən yerdə loğman ölüm xəstəyə Südün yoxsa heç qarışma dəstəyə Toğlusan dur yanda bərəyə girmə. Cuma: Molla Cuma bərki boşu görübdür Neçə aşıqların gülün dəribdir Movlan qismət edib xızıl veribdir Üzməyi bilmirsən ümmana girmə. Yenə Molla Cuma və camaat Aşıq Könlüyü evə təklif edirlər. Könlü razı olmur. Molla Cumaya lateyir deməyə onun tumançaq, baş açıq, kürklü vəziyyətini məsxərəyə başlayır. (Dübeyt) Könlü: Başın kəkil qıçın səkil Rəngin bir qulu Cuma. Rızrıban kənar çəkil Mudarın ala Cuma. Cuma: Gözün göydür, qaşın sarı Rəngindir narınc Könlü Tıxırsan elə çülmədarı Neylərsən pernic Könlü. Könlü: Həmişə belə naşarsan Quzğun kimi çox yatarsan Gecələri yer eşərsən Gündüz gir kola Cuma. Cuma: Sən ki məni ……. Eylədin İt oluban tək eylədin Bərk toylada kök eylədin Nə bilərsən birinc Könlü. Könlü: Sən Cumasan, mən də Könlü Gəl mənim açma nağlı Nə ki səndə olan kəmal, ağlı Almaran bir pula Cuma. Cuma: Sən Könlüsən, Cuma şəkili Hər kəs olsun öz vəkili Cuma satılsa dür tökülür Sən satılsan birinc Könlü. Yenə yalvarırlar. Fayda çıxmır. Könlü sazını və sözünü tərifləyir. (Dübeyt) Könlü: Şükür haqqa eyləmişəm Namusum var ar yerinə Aşıqlıqda tək gəlmişəm Saz çalaram tar yerinə. Cuma: Şükür olsun o allaha Çox veribdir az yerinə Məni saldı beylə raha Xəncər sallam saz yerinə. Könlü: Yüz min iki fənd eyləsən Dil ağzımı bənd eyləsən Yerişini könd eyləsən Səni allam yar yerinə. Cuma: Suyum şirin, adım gözəl Mənə olsun qadan gözəl Özün tüksüz nadan gözəl Qəbulumsan qız yerinə. Könlü: Aşıq Könlü könül püstanı Çağırram xızı ustanı Dağıleydi Şəkistanı Allah versin çar yerinə. Cuma: Molla Cuma göhər ləli Çağıraram zül cəlalı Dağıleydi çar mahalı Yel aparsın toz yerinə. Yenə camaat araya girdi. Dedilər ay canım belə iş olmaz. Kamil kişisiniz. Sizin üçün ayıbdır. Könlü dedi yox. Yenə başladı: (Qafiyə) Könlü: Molla Cuma səndən xəbər alayım O kimdir dünyada çox çəkdi dərdi Vücudu çürüyüm cümlə töküldü Düşməyə qoymadı bir dənə qurdu. Cuma: Aşıq Könlü sənə xəbər verəyim Eyyub peyğəmbərdir çox çəkdi dərdi Vücudu çürüyüb bənd-bənd töküldü Düşməyə qoymadı bir dənə qurdu. Könlü: O hansı sultandır dörddür qulluqçu O dörd qulluqçunun biridir doqçu Biri hesabdardır, biri də elçi Biri çalıcıdır birginən durdu. Cuma: Dörd qulluqçusu olan Cabbarı cəli O dörd qulluqçudan elçi Cəbrayıl Hesabdar Mikail doqçu əzrayıl Çalıcı İsrafil bilmişəm durdu. Könlü: O nədir ki, dildə haqqın sifarı O hansı surədir biridir zəbəri O hansı ərəbdir on iki nəri Üç yüz altımış mayanı qatara qoydu. Cuma: O tohiqdir dildə haqqın sivarı İnna əteynadır biridir onun buvarı Ulumuzdur ərəb on iki ay nəri Üç yüz altımış günü qatara vurdu. Könlü: O nədir insandan misala quşdur O hansı məshəbdir şərtləri beşdir Yasından təbarəktə nə ayıb keçdi Bəraət dasına nə sovqət verdi. Cuma: Orucdur insandan misala qoşdur Dinimiz islamdır şərtləri beşdir Yaqulinə ilə təbarək kəşdi Bəraət daşına bismillah etdi. Könlü: Mən aşıq Könlüyəm Könlümdür gümrah O kimdir ki, əvvəl quldur sonra şah O kimdir ki, dəryalarda uddum mah Kimnən kimə bunlar belə əmidir. Cuma: Molla Cuma gecə gündüz çəkər ah O Yusifdir əvvəl quldur sonra şah O Yusifdir dəryalarda uddu mah Xudavənddən bunlar belə əmidir. Yenə yalvar-yapış elədilər. Fayda vermədi. Deyişməyə başladılar. Cuma: Aşıq Könlü sənə minnət eylərəm Getginən buradan abrın üstə Yaşın az olsa da özün kamilsən Bir hösələn olsun səbrin üstə. Könlü: Molla Cuma mənə minnət eyləmə Durmaram özgənin oyunu üstə Gərək dinlə alam səndən qısası Beyit deyəcəyəm beyitin üstə. Cuma: Əslimiz şairdir biz də şairik Düşərsən azara yığarsan unsux, Qalarsan altında olarsan mənsub Necə quran gəldi zəburun üstə. Könlü: Elə demə özün altdan qalarsan Xiffətindən saralıban solarsan Bir gün sabah dərdə düşüb ölərsən Oxuyanlar gələr meyidin üstə. Cuma: Cuma bir çeşmədir qaynayıb axmaz, Hər yetən namərdin sözünə baxmaz. Sənə bir toy tutar yadından çıxmaz, Bir qarış ot bitər dərdin üstə. Könlü: Gərək gedəm bu yerlərdə ad qoyub Dostum ağlar, düşmənimi şad qoyum. Könlü deyər cəsədinə ad qoyum Yandırram piltətək növütün üstə. Bağlama Könlü: Göydən yerə neçə söhv enibdir Əvvəl gələn kimin üstə dayandı Ol qalanı de kimlərə verdilər Lap çoxusu hansı kəsdə dayandı. Cuma: Göydən yerə yüz söh enibdir Əvvəl gələn adam üstə dayandı Otuzu verildi İdris, Nəbiyə On xəlildə , əlli şistə dayandı. Könlü: O kimdir ki, ərşi-əlanı bəzədi O nədir ki, qızıl güldən təzədir O nədir ki, əvvəl-axır bizədir Nöbət-nöbət axır nəstə dayandı. Cuma: Həsən , Hüseyn ərşi-əlanı bəzədi O elmidir qızıl güldən təzədir O ölümdür əvvəl-axır bizədi Nöbət-nöbət axır nəsdə dayandı. Könlü: İbrahim Xəlil xabda görən quş nədir Ol ağası burduğu iş nədir Bir qəfəsdə üç yüz altımış quş nədir Cümlə tanı bir nəfəsdə dayandı. Cuma: İbrahim xabidə oldu xəbərdar Oğlunu qurbanlıq buyurdu Cabbar Hər insanda üç yüz altımış damar var Cümlətanı bir nəfəsdə dayandı. Könlü: O kimdir ki, xeyrin-şərin yazarlar O kimdir ki, vurub başın əzərlər O kimdir ki, qatar-qatar gəzərlər Hansı yerdə dəstə-dəstə dayandı. Cuma: Kərəmən katibdir xeyri-şəri yazarlar İnkir-minkir vurub başın əzərlər. Məlayikələr qatar-qatar gəzərlər İbadətdə dəstə-dəstə dayandı. Könlü: Aşıq Könlü ömrün pənah eylədi O kimdir ki, qızı ilə zina eylədi O kimdir Kəbəni bina eylədi Bildir görüm neçə yaşda dayandı. Cuma: Molla Cuma haqqa səna eylədi O qaraçıdır qızı ilə zina eylədi istəyirk İbrahimdir Kəbə bina eylədi Söykəndi hasaya xəstə dayandı. Axırda Könlü bir latayır deyib Molla Cumanı pişikdirmək istəyir. Könlü: Molla Cuma səni qoşmaq istərəm Kəlçə kimi görünürsən mənə sən Laçın kimi çalıb qaçmaq istərəm Sərçə kimi görünür mənə sən. Cuma: Aşıq Könlü səni minmək istərəm Qatır kimi görünürsən mənə sən Qorxum budur yaxın dursan yoluxarsan Qotur kimi görünürsən mənə sən. Könlü: Tutub boğazından elə sıxaram Gərəldikcə gözlərinə baxaram İtələyib dalı üstə yıxaram Yatır kimi görünürsən mənə sən. Cuma: Barmaq salıb gözlərindən oyaram Çəkib dərin dir-dir soyaram Burub-büküb dizim altdan qoyaram Xalça kimi görünürsən mənə sən. Könlü: Aşıq Könlü qaçanmışdır qaçam mən Açıqlıqda bir az səndən bacam mən Heç bilirsən indi necə … mən Külçəkimi görünürsən mənə sən. Cuma: Mən Cumayam doğru sözü deyərəm Oxloy alıb xəngəl kimi yeyərəm Ac qurd kimi bir loxmada yeyərəm Fətir kimi görünürsən mənə sən. Üenə yalvarır deyir canım acsan gedək çörək ye. Ayıbdır. Camaat da təvəqqə eləyir. Könlü yenə deyişməyə başlayır: Könlü: Üç şey nədir insan üstə gəldilər Danışdılar biri yüzdə dayandı Əvvəl ikisi gəzdi cümlə aləmi Biri başda, biri üzdə dayandı. Cuma: Əql həya iman insan üçün gəldilər Danışdılar iman döşdə dayandı Ol ikisi gəzib külli aləmi Həya üzdə, ağıl başda dayandı. Könlü: O nədir ki, göy üzünə sərildi O kimdir ki, dörd yol öldü dirildi Əlli nə deyən şeydir bizə verildi Minnət oldu axır beşdə dayandı. Cuma: O ulduzdur göy üzünə sərildi Cərcəs nəbi dörd yol öldü dirildi Əlli namaz gündə bizə verildi Minnət oldu axır beşdə dayandı. Könlü: O nədir ki, xalq quranda itirdi O nədir ki, gecə-gündüz ötürdü O nədir ki, bu yerləri götürdü Bircə kəlmə hohay hişdə dayandı. Cuma: İsmi əzəndir xalq quranda itirdi O daşdır ki, gecə-gündüz ötürdü Qızıl öküz bu yerləri götürdü Bircə kəlmə hohay hişdə dayandı. Könlü: O kimdir ki, bəzəmişdi qəməri O kimdir ki , min eylədi dəmiri O kimdir ki, uzun sürdü ömürü Bildir görüm neçə yaşda dayandı. Cuma: Yusif Nəbi bəzəmişdi qəməri Davud Nəbi mum eylədi eylədi dəmiri Nuh Nəbidir uzun sürdü ömürü Düz doqquz yüz əlli yaşda dayandı. Könlü: Aşıq Könlü heç gözləməz abırı O kimdir ki, çəkdi səddi səbiri O kimdir ki, oxur mudam zəburu Avazına ötən quşlar dayandı. Cuma: Molla Cuma çox gözlədi abırı O İsgəndərdir çəkdi səddi şəbiri Davud Nəbi oxuyanda zəburu Avazına ötən quşlar dayandı. Molla Cuma dayı gördü ki, axşam olur. Könlü də bunun yaxasındın əl çəkmir. Təngə gəldi. Qərar verdi ki, bunun başına elə iş açmaq lazımdır ki, rədd olub getsin. Aldı görək nə deyir: Cuma: Yeddisi qurandadır, yeddisi surada Yeddi şamamanı bir tağda gördüm Yeddisi ağdadır, yeddisi qarada Yeddi bülbülü bir bağda gördüm. Bu qıfılbəndin açılmasını Könlüdən tələb elədi. Könlü cavab verə bilmədi. Cuma davam etdi: Yeddisi ayaqdadır yeddisi başda Yeddisi yerdədir yeddisi ərşdə Yeddisi yazdadır yeddisi qışda Yeddi ovcunu da bir dağda gördüm. Könlü bunu da aça bilmədi. Yeddisi altdadır, yeddisi üstdə Yeddisi düşməndir, yeddisi dostda Yeddisi toydadır, yeddisi yasda Yeddi almanı bir budaqda gördüm. Könlü buna da cavab verə bilmədi. Nə qədər təvəqqə elədilərsə, evə getmədi. Axırda “yeddi” deyə-deyə cara çıxıb getdi. * * * Həsən əminin öküzü Ustadnamə Bir diləyim var dərgahımdan istərəm, İsmi olan o minbirə bağışla, Yarəb. Dilim duadadır, üzüm də haqda, Təbibim piri nurə bağışla, Yarəb. Biz ona ümmətik, o bizə ağa, Günahkar bəndəyik, düşdük ayağa. Ol hürü qılmana, səkkiz uçmağa, Şərabən təhurə bağışla, Yarəb. Şərabən təhurə axar cənnətə, Qismət olsun bir günahkar ümmətə. Beş vaxt qılınan fərzi sünnətə, O, Leylətil Qədrə86 bağışla, Yarəb. Leylətil Qədrdir ildə bir gecə, Dostun hüzuruna gələr meyraça Ehsan üçün olan bir ay oruca, Qur`anə, Zəburə bağışla, Yarəb. Qur`anə, Zəburə, İncil, Tövrata, Sureyi Yasinə, başsız barata. Abi zəmzəm ilə abi həyata, Ol ali kösərə bağışla, Yarəb. Ali kösər içən olar şən, Musa gündə min bir kəlmə danışan. Eşqi tutub alovlanan, alışan, Ol Turi-Sinayə bağışla, Yarəb. Turi-Sina məsgən oldu Musaya, Əvvəli Adəmə, sonra Həvvayə. Yüz iyirmi dörd min gələn mövlaya87, Xatəmül Muxtara bağışla, Yarəb. Xatəmül Muxtar da şahdır İslama, Hənifə məzhəbə, o dörd imama Yığışıb gedərlər beytul həramə, Ol beytul məmurə bağışla, Yarəb. Beytul məmurda ziyarətkar məlaikə Yığılıb gedərlər küllü diləyə Yeddi qat yerlərə, yeddi fələyə, Şəms ilə Qəmərə bağışla, Yarəb. Səms ilə Qəmərə, gecə gündüzə, Xeyri-şəri yazarlar, Lohu məhfuzə. Qəriblikdə gəlib kim getsə bizə, O Nəbiyi Xızıra bağışla, Yarəb. Xızır çatsın qəriblərin dadına, Hər kəsi yetirsin öz muradına. Ənbiya məsgəni Məkkə, Mədinə, Şamilə buxara bağışla, Yarəb. Şamilə buxarda olan ərvaha, Yığılıb gedilən o bəngargaha Yunisi dəryada saxlayan mahata, Yeddilər qırxlara bağışla, Yarəb. Çağırram yeddi qırx ənbiyanı, Siz amini deyin, mən də duanı İki dözüm şöləsi ismi punhanı, Molla Cumayı kəmtərə bağışla, Yarəb. Sizə kimdən xəbər verim? Həsən əmidən. Həsən əmi qışlaq gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvanı. Fağır və kasıb bir adammış. Arvadı yumurta satıb pul yığarmış. Fikirləşirlərmiş ki, bu pulu yığıb bir sağın alsınlar. Arvadı on manat yığıb kişisinə verir ki, a kişi, get buna bir inək al, yavan qırılırıq. Kişi pulu alıb tərpənir Göylük ilə Layisqinin arasındakı Tala kəndinə. Həsən əmi gedib çatar bu kəndə. Deyər, qardaş, mən bir inək axtarıram, kimdə tapılar. Bu kəndin camaatının hamısı baməzə, lotu və kinto adamdır. Deyirlər, aha, Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var, verək sənə, apar. Nə qədər pulun var? Həsən əmi deyir ki, on manatım var, buna bir inək istəyirəm. Demə, burada cütdən, kotandan yorulmuş bir öküz varmış. Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir öküz. Lotular pulu alıb, bir ölüvay öküzü Həsən əmiyə verirlər. O da öküzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu üç gündə gedir. Öküzü otara-otara aparır. Arabaçılardan çörək alıb dolanır. Qərəz öküzü gətirib həyətə çıxardır. Öküz yorulduğundan həyətə girən kimi çəpərə söykənir, yıxılmaq istəyir. Həsən əmi böyrünü öküzə söykəyərək onu yıxılmağa qoymayır. Öküzü bir təhər həyətin ortasına gətirir. İstəyir ki, arvadı evdən çıxsın, ona baxıb sevinsin. Görür ki, qabağına çıxan yoxdur. Aldı görək sözlə nə deyiir: (Qafiyə) Çıxın qabağıma, xanım əfəndi; Görün necə buğaca alıb gəlmişəm. Qoca qeyrət, əsl əcəb camaldır, Üç gün bundan ötrü qalıb gəlmişəm. Çağırıram heç kim qabağa çııxmaz, Əsl mal olduğun bir kimsə bilməz. Heç kim bu qiymətə bir heyvan verməz, Düşübdür, müftədir, çalıb gəlmişəm. Həsənəm, qarşıda qalmıışam vallah, Qabağıma çıxıb deyin: Maşallah! Onca manat pula almışam, vallah! Özüm bir tərlanam, çalıb gəlmişəm. Bu səsə arvad eşiyə çıxır, görür ki əri öküzə söykənib söz deyir. Deyir, a kişi, qırağa dursana, öküzə niyə söykənirsən? Həsən qırağa çəkilir. Çəkilən kimi öküz yıxılır. Arvad deyir, başına dəysin aldığın öküz də, özün də yerə girəsən. Aldı arvad görək nə dedi: (Qafiyə) Əvvəlinci bu sözlərə maşallah, Hardan gətirmisən bu alaşı, kişi! Qonu-qonşu bizi görsə gülüşər, Ver itə eyləsin taraşı, kişi! Həsən: Xanım əfəndi, hələ təhri canadır, Çox uzağı gözlər, bir aya, arvad. Bilər, bilməz sözləri sən söyləmə, Birdən gedib çatar Talaya, arvad! Arvad: Qışda bunu qovsan qan-tərə batar,. Beyqafil ürkərsə kim gəlib tutar? Nədən leşin-lüşün sorağı sənə çatar? Neçin oldun sevdanda naşı, kişi? Həsən: Arpa versəm əyər dərisin yağlar, Əlimdən zara gələr meşələr, dağlar. Qoşaram cütə dar daş üstə dağlar, Çulunu basdırram malaya, arvad. Arvad: Xanım əfəndinin acığı nəcün tutubdur? Bilseydim o bura necə çatıbdır? Bəxtəvər adamdı sənə satıbdır, Salıbdır başımı bəlaya, kişi. Həsən: Həsən alıb bu möhtəbər öküzü, Baxıb bəyənibdir, tutubdur gözü. Bərkidib həyəti, ev, mülkümüzü, Döndərrik qırağın qalaya, arvad! Sözünü tamam elədi, bir təhər öküzü itələyib dama saldı. Arvadla çox söyüşdülər, dalaşdılar. Həsən əmi dedi: Ay arvad, bir səbrin olsun, dayan. Bir ayı səbr elə, yaxşı olmasa nə deyirsən de. Arvad dedi ki, eybi yoxdur, görək bu zibildən nə çıxacaqdır. Həsən əminin qardaşı oğlu varıymiş, onunla bir yerdə olurmuş. Əmisinin gəldiyini görüb cəld tövləyə yüyürür. Bir öküzə baxdı, gördü ki, əmisi meyit alıb gətirib. Aldı görək əmisinə nə deyir: (Qafiyə) Başına döndüyüm, atam qardaşı, Bu öküzü aldın haradan, əmi? Sevda eyliyəndə niyə oldun naşı? Başına ağıl qoysun yaradan, əmi. Əmisi: Gedə, Allahı sevərsən, dindirmə məni, Hürmə ağzın ilə it haramzada! Yığma cinimi başıma itirrəm səni, Dur çıx cəhənnəmə get, haramzada! Qardaşı oğlu: Bizə güləcəkdir qohum, qonşu, hamı, Cör nə yaraşığa salıb öküz damı! Buna qatlaşarmı boyunduruq, samı, Əhdacını qırrıq haradan, əmi? Əmisi: Gedə, bir görginən, dilin çeynəmə! Çox dağlar çəkmə sən yazıx sinəmə! Yekə-yekə gələtləri eləmə! Get quru keçəndə yat, haramzada! Qardaşı oğlu: Abdulla qorxudan ağzını tutur, Öküzünə dəysin şirə ilə qotur. Ya bu öküzü dur gözdən itir, Yoxsa gedirəm mən buradan, əmi! Əmisi: Həsən deyər əcəb qurşağın toxdur, Yediyin deyəsən çox böyük poxdur. Öküzü istəyən ölkədə çoxdur, Apar üç tümənə sat, haramzada! Gədə küsür. Arvad danışmır. Həsən əminin əlacı kəsilir, evdə otura bilməyir. Pərt və dilxor halda bir az gəzir, sonra öküzün yanına gəlir. Bir də içəri girəndə görür ki, öküz qılçalarını uzadıb can verir. Aldı görək Həsən əmi nə dedi: (Qafiyə) Bir minnətə gəlib Həsən yanına, Qalx ayağa, atam, a sarı öküz! Oğul-uşaq yanında şərməndəyəm, Sən eylə papağım yuxarı, öküz! Məni qoyma belə tənəli sözdə, Göy otu tökərəm qabağına yazda. Qalxıb böyrə-böyrə gəzginən bozda, Qışda verim sənə suxarı, öküz! Həsən əmi sənin qulağına deyir: Qorxuram dəyməyə səndən bir xeyir! Sənin ucbatından oğul-uşax söyür, On manatım getdi, tar-marı öküz! Sözünü qurtardı, öküzün canı çıxdı. Dərisini cəld soydu. Belə fikir elədi ki, cəhənnəm, aparıb gönü satım, arvadın on manatını verim, zəhləmi tökməsin. Yoxsa başımı keçəl eyləyəcək. Bəli, dərini götürüb Göynükdə həftə bazarına satmağa apardı. Bazara çatdı, gördü Nuxadan bir dəstə dabbax gəldi. Onları dayandırdı. Dedilər: Həsən əmi, nəyin var. Dedi: gönüm. Nuxalılar dedilər aç baxaq. Baxdılar, gördülər ki, gönün üstündə bir tük də yoxdur. Şirə düşmüş, qotur düşmüş bir dəridir. Dedilər biz bunu alası deyilik. Yola düzəldilər. Həsən dedi bir dayanın. Aldı görək Həsən əmi nə deyir: (Qafiyə) Başına döndüyüm ustakar başı, Mənim bu gönümü alasan, dabbax! Gözlərimdən axıdıb qanlı yaşı, Hər gələndə bizdə qalasan, dabbax! Aldı dabbax: Aman qardaş, mənə minnət eyləmə, Belə minnətlərə baxa bilmərəm! Gəl sən bizi tutub yoldan eyləmə, Xeyirsiz sevdaya girə bilmərəm! Həsən: Sevərsən Allahı, sındırma məni, Sözüm yerə salma, alginən gönü, Uzunu uzundur, eni də enli, Sanbayıb baxginən bir mala, dabbax. Aldı dabbax: Gönünün yoxdur heç bir nərəsi, Tamam cəmdəkdir qollarının arası. Bundan çətin olar nəhrə sərəsi, Bunu alıb evimi yıxa bilmərəm. Həsən: Həsənəm, qarşında qalmışam məlul, İmdadına yetsin Həzrəti Rəsul. Heç tapmıram bu sözlərə bir dəlil, Nə ola halımı biləsən, dabbax Aldı dabbax: Ustakar başıyam, adımdır Nəzər, Öküzünə dəyib mundar bir azar! Yoldan etmə məni keçir həftə bazar, Ötər bazar sonra çata bilmərəm! Söz qurtardı, dabbaxlar yenə yola düzəldilər. Amma gördülər ki, Həsən əmi çox yalvarır. Dedilər a kişi, neçəyə deyirsən? Dedi, ona. Dedilər on nədir. Dedi on pula da. Dabbaxlar bir-birilə pıçıldaşdılar. Biri yoldaşına göz eyləyib dedi, a kişi, çıxart pulunu ver də. Dabbax başı əlini cibinə saldı, dedi, Həsən əmi aç əlini. Həsən əmi əlini açdı. Dabbax kök qara şahılardan çıxardıb bir beş on mis şahı saydı. Həsən əmi dedi Allah bərəkət versin. Pulu götürüb kəndə qayıtdı. Arvad dedi haraya getmişdin. Dedi öküzün gönünü satmağa. Arvad soruşdu ki, satdınmı? Həsən əmi dedi ki, hə. Neçəyə? Ona. Arvad dedi gətir görək. Dedi aç əlini. Arvad əlini açdı. Həsən əmi pulları saydı. Bir, iki, doqquz, on. Arvad dedi bu nədir. Dedi ondur də. Dedi, a başı batmış gic kişi, bu ki on şahıdır. Dedi on şahı, mahı bilmirəm. On pul almışdım, on pula da satdım, məndən nə istəyirsən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-dastanlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.