Deyişmələr Molla Cümə (1859–1920) Qafiyə Ey dörd hərfli, salamımı qəbul et, Məndən salam bir də yara deyərsən. Sidqi-dildən bu naməyə nəzər et, Sonra sən də o dildara deyərsən. Təcnis Desən sağ ol, deməsən də nə deyim? Desən dedin, deməsən də nə deyim? Saxlaginən dildə desən nə deyim? Deyər olsan vara-vara, deyəsən. Qafiyə Eşqin kitabından almışam dərsi, Söylə sən avandı, söyləmə tərsi, Nə ərəbdi, nə türküdü, nə farsi, Oxuyuban qan işarə, deyəsən. Təcnis Çün arifsən işarəni qanasan, Təhər, töhmət eyləyibən qanasan, De yazıqdır, bais olma qana sən, Can alandı, o xunxara deyəsən. Qafiyə Əlif ki, var əlif beyin başında, O Sələfdir mahıların tuşunda, Gər ləlisə, bədəxşanın daşında Satılmazmı bir tüccarə deyəsən. Təcnis Tüccarıyam, allam ləli-Yəməni, Haqq çıxarsın aralıqdan yamanı, Xədənginə nişan etdi ya məni Ciyər oldu parə-parə deyəsən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.