Divanilər Molla Cümə (1859–1920) Haray-haray Ya ilahim, sən olasan ayarım, haray - haray, Yar yanında çünki yoxdur ayarım haray - haray, Yalovlanıb eşqim üstə çox eylədin haqqı-say, Yel apardı namusumdan ayarım haray - haray. Yuxlamadım tifilikən anam çaldı a laylay, Yandırıbdı hicran mənim cəsədimi a laylay, Yuma məhşər divanında xalq duranda a laylay Yarım sənə dad eyləyir ayarım haray - haray. Yazıq Cuma oxlanıban yandırıbdı yeri, göy, Yağar leysan, bahar fəsli nəbat eylər yeri göy, Yüz iyirmi dörd min Nəbi hörmətinə yeri göy Yaxşı eylə ölən vəqtə ayarım haray-haray. * * * Qadasın aldığım Yar adına mən dolanım, qız qadasın aldığım, Açılanda fəsli-bahar, yaz qadasın aldığım, Bu qəzəli dilnən desəm, dilim yanar kül olar, Qoy alım əlimə telli saz, qadasın aldığım. Qələm qaşın əyməlidi, qaynar qanım mənim, Sən təki qədirbilənə peşkəşdi canım mənim, Heç gözəldə gözüm yoxdu, düzü, peymanım mənim, Gözəllikdə yoxdur sənə söz, qadasın aldığım. Belə yardan kim inciyər, çağıranda hay verir, Al yanaqdan zəkat çıxır, bir busə də pay verir, Dili şirin qəndi-nabat, məməsindən mey verir, Cuma ilə zarafata döz, qadasın aldığım. * * * Olarsan Sığıngınan yaradana, bəndəyə dad eyləmə, Dostların könlün yaxıb, düşməni şad eyləmə. Havadar ol, yıxılmasın, evin bərbad eyləmə, Öz yurdundan özgə yerə köçmə, peşman olarsan. * * * Yavaş-yavaş Minib eşqin səməndini çaparam yavaş-yavaş, Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş. Sevən yarım şəfqət etsə o ləblərin suyundan, Od tutuban yansa canım, səpərəm yavaş-yavaş. Geyinmisən, yüz fitnəylə tilsim əynindədir, Məni bu dərdə salıbsan bablın boynundadır, İtiyim var, axtarıram, deyirlər qoynundadır, İznin olsa, mən əl salıb taparam yavaş-yavaş. Mən Cüməni yad etmədin, heç bilmirəm günahım, Məni səndən cüda saldı min bir adlı pənahım, Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım, O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.