Gəraylılar Molla Cümə (1859–1920) Demədimmi Bivəfadan aşna tutma Könül, sənə demədimmi? Yaradan Haqqı unutma, Könül, sənə demədimmi? Nəsihətdən çıxmaginən, Özün oda yaxmaginən, Hər yetənə baxmaginən, Könül, sənə demədimmi? Gözəllərdə vəfa olmaz, Daim duran belə qalmaz, Ay mədəd, yar yenə gəlməz, Könül, sənə demədimmi? Ey könül, eşqə dolarsan, Xəcalətdən tez solarsan, Bir günü peşman olarsan Könül, sənə demədimmi? Ey könül, qazanın daşır, Dərdi-qəmin başdan aşır, Molla Cuma gözdən düşür, Könül, sənə demədimmi? * * * Dönməz Bir gözələ gözüm düşdü, Mən dönərəm, könül dönməz. Ruhum getdi, əqlim çaşdı, Mən dönərəm, könül dönməz. Dərdimi söylərəm başdan, Ay qabaqdan, qələm qaşdan. Şirin dilli bir ölmüşdən Mən dönərəm, könül dönməz. Molla Cümə, eylə dastan, Mail baxan gözü məstan, Bir vəfalı, sevən dostdan Mən dönərəm, könül dönməz. * * * Gecəsidi Ağalar, bir gözəl sevdim, Mübarək xas gecəsidi. Məlul könlüm, dur silkələn, Eşqə həvəs gecəsidi. Mən mailəm səntək cana, Gəl, gözümdən getmə yana. Muştuluq dost-aşinama, Düşmənə yas gecəsidi. Dilimdə oxuram kəlam, Yuxum oldu mənə haram. Molla Cuma, al intiqam, Yardan qisas gecəsidi. * * * Gəldi Ay ağalar, gözüm yaşı, Çağlamağın çağı gəldi. Eşqin odu ürəyimi, Dağlamağın çağı gəldi. Burda bir maralım itdi, Fələk mənə zülm etdi. İsmi Pünhan yarım getdi, Ağlamağın çağı gəldi. Molla Cümə qalır yasda, Etibar yoxmuş heç dosta. Tərlan könlüm tovuz üstə, Ağlamağın (?) çağı gəldi. * * * Qoşuldu Yenə dərdim həddən aşdı, Canım odlara qoşuldu. Bağrı nəmli, gözü yaşlı, Adım, adlara qoşuldu. Şad könlümə su bağlandı, Ciyərim çarpaz dağlandı. İsmi-pünhan sığallandı, Gedib yadlara qoşuldu. Molla Cuma dərd yığnağı, Gövdəsi hicran ağnağı, Sər dəhanın boğanağı, Qalxıb badlara qoşuldu. * * * Olarmış Bir iyidin bəxti olsa, Ellər ona yar olarmış. Dönüb işi tərsə düşsə, Yarı da əğyar olarmış. Bülbüllər çıxa bahara, Sözləri bənzər gövhərə, Kim getsə pulsuz bazara, Şəhər ona dar olarmış. Eşqin səməndini yaran, Dost yolunda boynun buran, Cavanlıqda dövran sürən, Qocalıqda zar olarmış. Kimdi mənim dərdim bilən, Gözdən axan yaşım silən, Cuma kimi yarı olan Ağlamaqdan kor olarmış. * * * Sənin Gözəl səndən xəbər alım, Var əndamın qarmı sənin? Dilin şirin, ləbin ballı, Bizə rəhmin varmı sənin? Qəddin çinar, belin şüşə, Dişlərin oxşar gümüşə, Buxağındı gül-bənövşə, Yanaqların narmı sənin? Döşündə bir cüt şamama, Nə yaraşır gül əndama, Layisqili Molla Cümə Doğru söylə, yarmı sənin? * * * Gözlərim eylə tamaşa Gözlərim eylə tamaşa: Yar qarşıda dayanıbdır. Mənim yatan kor taleyim İndi xabdan oyanıbdır. Ay qabaqda siyah tellər, Bülbül tək danışır dillər. Ağ biləklər, həm ağ, əllər Al xınaya boyanıbdır. Gözlərin oxşar badama, Ziyan verir çox adama, Layisqili Molla Cümə Baxıb səni bəyənibdir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.