Müxəmməslər Molla Cümə (1859–1920) Mədəd Gecə-gündüz duam budur, Cabbar Cəlildən mədəd. Axır zaman peyğəmbəri, Rəsul Xəlildən mədəd. Dörd səhabə, dörd məlayik, Həzrəti Cəbraildən mədəd. Doğru rahdə bizim üçün Olan dəlildən mədəd, Adəmin cəsədi yoğrulan, O Abi-gildən mədəd. Dəryada balıq qarnında Yunis oxur halətə. Dörd yol öldü Carcus Nəbi, Çıxdı axır səlamətə. Tutdu Əli Zülfüqarı Çalışdı qəzəvətə. Kərbəlada Həsən, Hüseyn Təslim oldu cənnətə. Mustafanın çeşmi-nuru Ol iki güldən mədəd. Yüz igirmi dörd min Nəbi Dünyaya qılmış zühur. Yeddi qat yer, yeddi qat göy Ərş-kürs, Qaf, Tur, Şəms, qəmər, mələk, nücum, İns, cins, mari, mur. Yüz sühüfnan endi Tovrat, Fürqani, İncil, Zabur, İxlasınan Yasin Taha Oxuyan dildən mədəd. İbrahim Ədhəm padşahkən Taxtdan qaçdı biçarə. Dost üzünə həsrət qaldı Yəməndə Veysəl Qarə. Əshab-Kəhfin kəlbi olub Qoşulaydım qırxlarə. Axır kəlam Molla Cuma Sığıngınan Qaffarə, Çün mağrifat dəryasıdır O nəhri-Nildən mədəd. * * * Pəri Yəqin bil kərəm kanı, Mən yanıram ataşına. Mayılam camalına, Həm gözünə, həm qaşına. Yıxılım ayağına, Durub dolanım başına, Həm sənə qurban olum, Həm də sənin yoldaşına, Yoldaşın pərvazdı, gəlin, Xub yerişin qazdı, gəlin, Bu necə əndazdı, gəlin, Baxışın şahbazdı, gəlin, Doğmuşsan şəmsü qəmər, Gül didarın yazdı gəlin. Ey bahar yazım, Durna avazım, Əlimdə sazım, Eşit niyazım, Aç qolunu qucaqlaşaq, Demək nə lazım, Oynatsın Molla Cümə, Şamama tək səni pəri. * * * Pəri Nagahdan gördü gözüm, Sən təki insanı, Pəri. Hurisən, Məlikəsən, Cənnətin qılmanı, Pəri. Yaralar məlhəmisən, Dərdlərin dərmanı, Pəri. Gözəllər sərdarısan, Məhbubların xanı, Pəri. Şah kimi taxta çıxıb, Edərsən divanı, Pəri. İzzət, ikram qılaram, Xidmətində qalaram, Qul-qurbanın olaram, Əgər qəbul eləsən, Qolum boynuna salaram. Qolum boynunda, Əlim qoynunda, Çiynim çiynində, Eşqin beynimdə. Sarmaşıb köynək kimi, Durum sənin əynində. Əyninə al məni, gəl, Qat bu cana canı, Pəri. Gəl qataq canı cana, Xatirimə dəyməgilən. Sındırıb şad könlümü, Dal qəddimi əyməgilən. Gəlmişəm ayağına, Naz-qəmzəni öyməgilən. Sevərsən bir Tanrını, Mən yazığa qıymagilən. Ver mənim muradımı, Qiyamətə qoymagilən! Qiyamətdi qaşların, Güləbatın saçların, İnci, mərcan dişlərin, Xub fincandır döşlərin, Bu biçarə başıma Çox ağırdır daşların. Ağır daş atma, Nazını satma, İşi uzatma, Xalqı oyatma, Qanıma bais olub Babala batma. İki dostun arasına Salmagılan qanı, Pəri! Qan salma aralığa, Çün eşqimə pərvanəsən, Bəxtəvər yaranmısan, Bu dünyada bir danəsən. Sərraflar qədrin bilir, Cəvahirsən, dürdanəsən. Xoş qılıq, xoş ixtilat, Açıq qabaq – mərdanəsən. Al-əlvan hənalayıb, Tök tellərin gərdənə sən. Gərdən göyçək, tel nazik, Qucmaq üçün bel nazik, Barmaq şümşad, əl nazik, Xoş danışan dil nazik. Çox qəmlidir ürəyim, Bircə danış, gül nazik. Nazik uşaqsan, Kağızdan ağsan, Ağca buxaqsan, Qaymaq dodaqsan. Maşallah, göz dəyməsin, Əcəb yumşaqsan. Bircə gecə eylə qonaq, Sevindir mehmanı, Pəri. Mehmanınam, gəldim sana, Eylə qonaq, al qoynuna. Götürüb qucağına, Tifil kimi sal qoynuna. Yalayım tər sinəni, Dağılıbdır bal qoynuna. Sərvətli tüccar kimi, Doldurmusan mal qoynuna. Yerbəyer müştərilər, Eyləyibdi yol qoynuna. Müştəriyəm boyuna, O gözəlcə xoyuna, Ətrü-ənbər boyuna, Edən haqqü sayına, Dərdlərə dərman olan, Abi-kövsər çayına. Çayın popuxdur, Rəngi də şuxdur, Suyun soyuqdur, Yaza yovuqdur, Kipriyin oxdur. Gəzsələr cəmi dünyanı Heç tayın yoxdur. Kim olar bərabərin Sənsən Kərəm kanı, Pəri?! Yəqin bil, kərəm kanı, Mən yanıram atəşinə! Beyqafıl gəldim bu gün, Düşdüm betər savaşına. Mayılam camalına, Həm gözünə, həm qaşına. Yıxılım ayağına, Durum dolanım başına. Həm sənə qurban olum Həm də sənin yoldaşına. Yoldaşın pərvazdı, gəlin! Xub yerişin qazdı, gəlin, Bu necə əndazdı, gəlin, Baxışın şahbazdı, gəlin! Doğmusan şəmsü-qəmər, Gül didarın yazdı, gəlin. Ey bahar, yazım, Durna avazım, Əlimdə sazım, Eşit niyazım, Aç qolunu qucaqlaşaq, Demək nə lazım. Oynatsın Molla Cuma Şamamatək səni, Pəri! * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.