Qəzəllər Molla Cümə (1859–1920) Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək, Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək. Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan, Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək. Əl şüşə, barmaq qələm, dırnaq sədəf başdan-başa, İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək. Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz, Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək. Avazı bülbül kimi, danışanda dür tökülə, Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək. Hər səhər min naz ilə sığallanıb qarşı çıxa, Yerişi kəklik kimi, həm libası məxmər gərək. Ağıl ola başında cəm, həm gözləyə namus-arı, Ədəbi-mərifəti, el dilində əzbər gərək. Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan, Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək. Bu nişanda sən kimi məhbubənin xidmətinə, Mən kimi, Molla Cüma, bir cigəri əxtər gərək. * * * Çevril bir bəri bax, ey yari vəfadar getmə Çevril bir bəri bax, ey yari vəfadar getmə Qoyub hicrində məni böylə giriftar getmə. Sən belə getməginən həsrət-firqət adına Yanmışam, yaxılmışam dildar, dilbər getmə. Ey sərv qamətli canan, gəl sərimə sal saya Qəribəm binəvayam sən ol havadar getmə. Sən təbibsən mən zəif dərdimə çarə gərək Sonra dərmansız ölər bu xəstə bihar getmə. Qorxuram ki, gedəm xoş məzarın təlx edələr Yolunu bənd eyləmiş bədguh-bədgar getmə. Qayit allahı sevərsən bu könlümü şad eylə Danış şirin dilinən bir neçə göftar getmə. Aç qolunu sal boynuma sarmaşğınan ay dost Qoy baxıb əğyar sözünə bu qədər………. Baxıb əğyar sözünə bu qədər incitmə məni Nə demiş xilaf demiş o binur bimar getmə. Yalvara, yalvara busə verib peşman oldun Cümədən küsməginən səndədir ixtiyar getmə. * * * Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir. Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər Öz-özümə səbir verdim dedim mahi-taban gəlir. Çıxardıb al libasını geyibdi qara donları Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir. Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir. Molla Cümə çıx daldadan səni görsün o sirdaşın Bəlkə canı qərar tapa eşidib bigüman gəlir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.