Qoşayarpaq qoşma Molla Cümə (1859–1920) Bir zülfü ənbərə, qarşı peykərə, Bir gözü xumara canım peşkəşdir. Yanağı əhmərə, üzü qəmərə Bir dişi gövhərə canım peşkəşdir. Bir ləbi şükkərə, dili şəkkərə, Bir sinə mərmərə, bəxti əxtərə, Bir qəddi ərərə, təzə nükbərə Bir belə dilbərə canım peşkəşdir. Bir ismi əzbərə, əndamı tərə, Bir cavan bəkərə, gözəl duxtərə, Bir eşqi əxkərə, çox zülmkərə Cüməyəm, aşkara canım peşkəsdir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-qosayarpaq-qosma İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.