Təcnislər Molla Cümə (1859–1920) Ay aşa-aşa Bir tərlan baxışlı, kəklik yerişli, Seyr edir bağları ay aşa-aşa. Həsrətindən mən də odlara düşdüm, Məşğuldu gözlərim a yaşa-yaşa. Dərs alıb əlifdən, o nundan ötdü, Murğular çalıban onundan ötdü, Sevdiyimin yaşı onundan ötdü, Yetibdir on birə a yaşa-yaşa. Salıbdı sevdaya bu Cumasını, Gör necə sevibdir bu, Cumasını, Axtarıb tapmasa bu, Cumasını, Gəzərəm dağları, ay aşa-aşa. * * * Ay, ay Tək gəldin cahana, didarı göyçək, Dəndanı yaqutsan, ləlsən, ay, ay. Sinəndə iylənir ətirli çiçək, Nərgizsən, narıncsan, laləsən, ay, ay. Bahar oldu, düşdü ahu-fəryada, Həsrətsən lalə tək yüzə sən, bülbül. Ya gərək canını salasan oda, Ya gərək əlini yüzəsən, bülbül. Molla Cümə necə dözsün bu dağa, Bu sitəmə, bu düyünə, bu dağa, Məcnun edib saldın məni bu dağa, Ha gəzirəm eniş, yoxuş, düz, dərə. * * * Ayağa durmaz Zəhmətim əşəddir, bülbülüm gülsüz, Zar olur könlümüz, ayağa durmaz. Zəbanım bəstədir, dəhanım dilsiz, Zəncəfil göz yaşım a yağa durmaz. * * * Amandı Hüzuruna gəldim, gözəllər şahı, Bu xabdan gözlərim oyat, amandı. Dilin fəsih etmiş qadir Allahı Şux danış bir neçə ayat, amandı. Mən içdiyim Xızır Nəbi verəndi, O səbəbdən bu şad könlüm virandı, Şəkkin varsa, qoy qabağa ver andı, Aradan pərdəni ay at, amandı. Güləbatın zülfdən bağışla mənə, Dərməyə bəhərin bağışla mənə, Oyatdım yuxudan, bağışla mənə, Cumaya sarmaşıb a yat, amandı. * * * Bülbül Bahar oldu düşdü ahu-fəryada, Həsrətsən lalətək yüzə sən, bülbül. Ya gərək canını salasan oda, Ya gərək əlini yüzəsən, bülbül. Xızr kimi boylayıbsan dərinə, Xar yalayır qızılgülün dərinə, İsmi Pünhan açsa şəfqət dərinə, Verrəm haqq yoluna yüz əsən, bülbül. Molla Cuma ümid bağlar hər ayə, Bir dərindən çıxıb getsin harayə, Haray etsəm gəlib yetiş haraya, Yetirdin dərdimi yüzə sən, bülbül. * * * Düz dara İsmi Pünhan, o mövlanı sevərsən, Çəkmə seyrəqubla məni düz dara. Amandı, sevdiyim, gəzmə pərişan, Zülflərini gərdanına düz, dara. İsmini çəkəndə dilim inciməz, Vəsfini yazanda əlim inciməz, Gündə yüz zülm etsən halım inciməz, Mənsur kimi çəkilmişəm düz dara. Molla Cuma necə dözsün bu dağa, Bu sitəmə, bu düyünə, bu dağa, Məcnun edib saldın məni bu dağa, Ha gəzirəm eniş, yoxuş, düz dara. * * * Sən də Göründün gözümə mələk simalı, Geyibsən qəddinə ay ağı sən də. Pirimin verdiyi qədəh misalı, İçirdin bir qədəh ay ağı sən də. İki mim, hey ilə a dalı yazdım, Ayın lam ismilə a dalı yazdım, Zay etdin ağlımı a dalı yazdım, Olubsan canıma ay yağı səndə. Çətin mən də bu sevdaya yanaşım, Dostluq üçün bir yanına yanaşım, Pərvanəyəm baxtım ola yanaşım, Əriyə cismimin a yağı sən də. Atadan qalmışam bir öksüz yetim, Ağa, sən rəhm eylə, murada yetim, Qapında qul oldum, yolunda yetim, Bas dedim üstümdə ayağı sən də. Mən ömrümü verməmişəm bil sənə, Dörd qara gün əskik olmaz bil sənə, Molla Cuma sığınıbdır bil sənə, Bu işdə dalda dur ay yağı sən də. * * * Yanaram Fərhad kimi cani-sərdən keçmişəm, Kərəm kimi alışaram, yanaram. Bir meyvəyəm qədirsizə düşmüşəm, Ya heyvayam, ya almayam, ya naram Əlif-beydən mən axtaram bu satdı, Dost peşmandı, düşmənlərə büsatdı, Sərt heyvandım, cilovlayıb bu satdı, Ya pələngəm, ya aslanam, ya naram. Doqquz ay dolanıb qar qışa düşdü, Hicranım artdıqca qarğı işə düşdü, Yəqin Molla Cümə qarğışa düşdü, İsmi Pünhan məndən sərtdir, yanaram. * * * Kitabxana.az · https://kitabxana.az/collections/molla-cume-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.