Qəzəllər İmadəddin Nəsimi (1369–1419) Afərin olsun nigarın zülfü ilə qaşinə Afərin olsun nigarın zülfü ilə qaşinə, Gər macal bulsam həbibin çövriləydim başinə. Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil, İrmədi mənzilinə, kim baxmadı yoldaşinə. Kə’bənin ehramına irməz hacının dəgməsi, Çizginir dər girdinə, sürtər üzünü daşinə. Şol rəqibi görə idim çah içində bir kərə, Gilliyəydim başına şol səd həzaran daş yenə. Ey rəqib, bir yerdə ölgil ki, bulunmaz aşü su, Qarğavü quzğun yığılsın leşinə, hey leşinə. Buduna çıxsın ufalar, gözünə həm qara su, Tutulsun dilü qulağın, bir neçə daş dişinə. Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval, Müddəilər qalib oldu, hazır olgil başinə. * * * Afitabın tələtindən mahi-taban ru tutar Afitabın tələtindən mahi-taban ru tutar, Çini-zülfündən Xətada nafeyi-ahu tutar. Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri, Kim ki gördü ay üzün şərməndə oldu, xu tutar. Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz, Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar. Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar, Mən əcaib qalmışam, aslanları ahu tutar. Çeşmimə dedim fərağından anın çox ağlama, Nagəhan tufan qopar, mülki-cahanı su tutar. Mərg aman versə, əlindən qoyma dilbər damənin, Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar. Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur, Xublara adət nədən, lələ müdam hindu tutar. Müshəf açdım, falıma gəldi camalın ayəti, Əhli-tövhidin kəlamı falımı niku tutar. Ləblərinin şərbətindən bir qədəh sun, saqiya, Ləlini içdi Nəsimi, hər zaman bir ku tutar. * * * Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam, Qövsü-qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir, Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam. Kövnü məkandan keçmişəm, mə’na şərabın içmişəm, Cananın üzün görmüşəm, başdan ayaq can olmuşam. Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm, Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam. Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm, Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam. Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm, Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam. Uçmaq ilə rizvan mənəm, damu ilə neyran mənəm, Danan ilə nadan mənəm, həm inü həm an olmuşam. Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam, Gəh varmışam Yusif kimi, ol Misrə sultan olmuşam. Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm, Şimdi gərçi Nəsimiyəm, Haqq ilə yeksan olmuşam. * * * Aləmdə bu gün əhdi bütün yar ələ girməz Aləmdə bu gün əhdi bütün yar ələ girməz, Yandırdı tikən bağrımı, gülzar ələ girməz. Ey xəstə könül, gör nə derəm, məndən eşit pənd, Dildarə həris olma ki, dildar ələ girməz. Naqis məhək oldu, qamunun qəlbi dəğəldir, Bir sikkə dürüst, aricə dinar ələ girməz. Timarə könül verməgil, ey sayru, həkim ol, Dərmanını dərd eylə ki, timar ələ girməz. Ey aşiq, anın zülfünə yapış bu cahanda, Bir ancalıyın dilbəri-əyyar ələ girməz. Çün qəm yeyirəm qəm degil, ey aşiq, əgər kim Qəm yürəgə kar eylədi, qəmxar ələ girməz. Gəl çöhrəsinin şəminə pərvanə kimi yan, Anın kimi can yandırıcı nar ələ girməz. Səyyarə kimi seyr edərəm daim anınla, Şol seyr edici kovkəbi-səyyar ələ girməz. Musa kimi gər aşiq isən, könlünü arıt, Saf olmayacaq ayinə, didar ələ girməz. Ey axirətin darinə aşiq, bu səradən Keç kim, bu keçər ərsədə şol dar ələ girməz. Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim, Bənzər ana bir lölöi-şəhvar ələ girməz. * * * Apardı könlümü bir çeşmi-məxmur Apardı könlümü bir çeşmi-məxmur, Kim ola istəməz ol hüsnə məğrur. Şərabi-lə’linizdən cür’ə içdi, Ənəlhəq çağırır eşqində Mənsur. Həqin əsrarını mən anda gördüm Ki, Musa söylər idi bər-səri-Tur. Sənin eşqində, ey Leylisifətli Ki, Məcnun olmuşam aləmdə məşhur. Çü Isa nöh fələk çərxinə çıxdım, Cahanı sərtasər gördüm pür əz nur. Nəsiminin cahanda yarı sənsən Ki, sənsən cənnətü cənnətdəki hur * * * Apardı könlümü məndən bu gün ol cənnətin huri Apardı könlümü məndən bu gün ol cənnətin huri, Götür pərdə camalından ki, sənsən eynimin nuri. Bu gün yövmilhesab oldu üzün dövründə, ey məhru, Məgər qopdu qiyamətlər, görə bilmən bu məzmuri. Minacat eylərəm dünü gün sənin dövlətli kuyində, Üzün nuri-təcəllidir, dəxi mən neylərəm Turi. Saçın həblül-mətinindən, nə qəmdir boynuma taxsan, Vəli me’raci-zülfündə asıldı, gör bu Mənsuri. Fəraqü mövnəti-hicrin yıxıbdır könlümün şəhrin, Nola bir gəz vüsalınla yapasan Beyti-mə’muri. Şəha, lə’lin şərabından Nəsimi şoylə sərxoşdur, Olubdur valehü heyran, diləməz abi-ənguri. * * * Ay ilə gün sücud edər surəti-canfəzayinə Ay ilə gün sücud edər surəti-canfəzayinə, Ay ilə gün nədir kim, ol düşməyə xaki-payinə. Cami-cahannümadur ol, səndə iki cahanı gör, Çün görəsən sən olmusan cani-cahanə ayinə. Faili-mütləqi-yəqin kim ki dilər görə bu gün, Baxsın anın camalına, həqqi görər bu ayinə. Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola, Həq deyəni alır anun durmuş anun bəhayinə. Yusifi-Misri canü dil, yə’ni ki Fəzli-zülcəlal, Gəldi səfavü zövq ilə şəhri-bədən sərayinə. Qıldı fəna vücudumu küll kərim ilə kəlam, Zərqi-həsən budur ki, şah sandı bu gün gədayinə. Hər ki Nəsimitək sücud Fəzli-ilahə qılmadı, Div kimi bu gün anı, bəlkə, bu yolda dayinə. * * * Ayrılıqdan yar mənim bağrımı büryan eylədi Ayrılıqdan yar mənim bağrımı büryan eylədi, Özünü bir yana saldı, məni bir yan eylədi. Zə’fərana bənzimi döndərdi ol birəhm yar, Düşmənin xəndan edib, dostunu giryan eylədi. Aldı könlüm, qılmadı ol bivəfa bir kəz vəfa, Yıxdı mə’mur şəhrini, gör necə viran eylədi Canımın zəxmindən, ey can, xab gəlməz eynimə, Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi. Eşidərsə daş ərir həsrətdə ahü zarımı, Ol güləndam yarı gör, könlümü zindan eylədi. Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq, Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi. Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən, Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi. * * * Aşiq bəla yolunda gərək kim, həmul ola Aşiq bəla yolunda gərək kim, həmul ola, Mə’şuqədən ana nə gəlürsə, qəbul ola. Gerçək mühibbə cövrü cəfa çünki yar edər, Neyçün cəfadən incinə, qəmdən məlul ola? Nazü nə’imü işrəti-cavid içindədir, Dilbərdən ol könül ki, muradı hüsul ola. Hər aşiqin ki, yar ilə oldu çeravü çün, Arif qatında adı anın bülfüzul ola. Şirin həlavət ol yemiş imiş ki, sidrəsi, Zatında xub xilqətü şirinüsul ola. Yoxdur nəsibi eşqi-həqiqətdən, ey könül, Şol kimsənin ki, mürşidi naqisüqul ola. Ey xaliqin əmanətini zaye’ eyləyən, Layiqdir ada ol ki, zülumən-cəhul ola. Gər şərh edərsəm ayəti-hüsnün kitabını, Hər bab içində fəslinə yüz min füsul ola. Me’racə çıxdı ruhi-Nəsimi Buraq ilən, Şol laşədən nə faidə kim, la-zəlul ola? * * * Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə, Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə. Şəqayiq pərdədən çıxdı, boyandı bağ ilə bostan, İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə. Məni mən’ etmə, ey zahid, güvənmə zikrə, ey sufi Ki, sən məğrurisən zikrə, mənəm müştaq didarə. Ki, hər bəlhüm əzəl bilməz nədir kim, eşqin əhvalı, İrişməz qasirin əqli bu müğləq sirri-əsrarə. Əbirü mişkü ənbərtək rəyahindən çəmən doldu, Səhərdə tə’n edər saçın nəsimi mişki-tatarə. Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək, Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə. Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən, Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə. Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır, Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə. Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür, Satar mə’şuqə gül hüsnün, xəridar ol bu bazarə. Yaxıldı canına canı dəmi-İsa Nəsiminin Vüsali dərdinə dərman, irişdi cani-bimarə. * * * Bağrımnı dəlür navəki-hicrani-filani Bağrımnı dəlür navəki-hicrani-filani, Qanımnı tökər sehr ilə çeşmani-filani. Başdan ayağa külli-vücudum oda yandı, Yarəb, yaraya dərdimə dərmani-filani. Şahın quluyam, eyləmişəm yüz kərə iqrar, Bel bağlamışam bəndə bəfərmani-filani. Sundum əlimi daməninə bəs ki, dutaydum, Bağladı qapu, qoymadı dərbani-filani. Billah, sərü can cümlə bəşükranə verərdim, Gər olsa idim bir gecə mehmani-filani. Ənbər saçılır, zülfünü gər şanə qılırsa, Şəkkər tökülür əz-ləbü dəndani-filani. Bu şəhri qoyub üştə gedər xəstə Nəsimi, Bədnami-cahan oldu bədövrani-filani. * * * Başını top eyləgil, gir vəhdətin meydanına Başını top eyləgil, gir vəhdətin meydanına, Ey könül, müştaq isən gər zülfünün çövkanına. Aşiqin qanilə oynar dilbərin simin əli, Ey yalançı aşiq, əbsəm, girmə canın qanına. Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin, Dərdi dərmansızdır anın, çarə yox dərmanına. Canını qurban edəndir yar içün gerçək şəhid, Səd həzaran rəhmət olsun ol şəhidin canına. Zülfünün sirrin nə bilsin zahid, anı sor mana, Gər əsir olmaq dilərsən zülfi-canəfşanına. Gəl niqabın tərfini gülgün yanağından götür, Ta gülüstan gülməsin ayruq güli-xəndanına. Xubların bağında çoxdur fitnəli nərgis, vəli Fitnəlik xətm oldu anın nərgisi-fəttanına. Lə’lü mərcandır dodağın, lö’löi-dürdür dişin, Afərin şol bəhri-kanın lö’löi-mərcanına. Kirpiyin navək oxudur, qaşların çaçi kəman, Uğramaz aşiqdən özgə şol oxun peykanına. Ey Nəsimi, gər sözün mə’nisi bipayan deyil, Neçin irməz kimsənin fikri onun payanına. * * * Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm, Xəncər ilə yürəgimi yar, səndən dönməzəm. Ey sənəm, eşqin yolunda qamətintək doğruyam, Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm. Müshəfi-hüsnün həqiçün, ey dilaramım mənim, Anca kim, bu təndə canım var, səndən dönməzəm. Gər Zəkəryatək məni başdan ayağa yaralar, Başıma ərrə qoya nəccar, səndən dönməzəm. Leyliyi-şeyda idim seydinə düşdüm, ey nigar, Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm. Rindi-rüsvayəm, başımda vardır sevdayi-eşq, Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm. Hüsnünə mən aşiqəm, ey dilbər, əgər sən mana Qılasan min gəz cəfa, dildar, səndən dönməzəm. Kə’bədə istər idim, bütxanədə buldum səni, Bağladım uş belimə zünnar, səndən dönməzəm. Möhnətindən, ey pəri, haşa ki, mən üz döndərəm, Yanaram pərvanətək bər-nar, səndən dönməzəm. Hər rəqibin gündə min gəz tə’nəsin nuş eylərəm, Mən Nəsimi, sən pəri, zinhar səndən dönməzəm. * * * Bir dəxi görmək camalın könlüm, ey can, arzular Bir dəxi görmək camalın könlüm, ey can, arzular, Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular. Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat, Qulluq etməklik tapunda hurü qılman arzular. Gər səni arzularam, ey canü cananım, nola, Təşneyi-vəslin, nigara, abi-heyvan arzular. Ta gülüstani-Irəm rüxsarını gördü gözüm, Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular. Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü, Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular. Könlümüz arzuladı gər vəsli-cananı, nola Kim, yəqindir arzular dərviş, sultan arzular. Bax axır xəstə Nəsiminin xəyali-xamına, Xatiri dərbəndi-zindan, hurü qılman arzular. * * * Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə, Lütf ilə nəzər qıldı mana, sundu piyalə. İçdim qədəhi-pürmeyi mə’şuqə əlindən, Cismim qamu can olduvü can uğradı halə. Can məsti-ələst olduvü la-yə’qəlü heyran, Könlüm qədəhi dürdü içib irdi zülalə. Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq, Həqqa mey içənlər irişərlər bu xəyalə. Hər kimi ki, yaxmadıvü yandırmadı firqət, İrmədi Xəlil kimi bu gün nuri-vüsalə. Yandırdı, bəli, eşqin odu, qıldı məni kül, Eşqində kül olan irişər külli-kəmalə. Dəxi nedərəm dünya mənə ərzani qılsa, Səni dilərəm, qılma məni qeyrə həvalə. Seyyid, qədəh iç, əbsəm, əzəldən şəhi-təqdir Hər kimsəyə öz qədri ilə sundu nəvalə. * * * Bu nə adətdir, ey türki-pərizad Bu nə adətdir, ey türki-pərizad, Qəmindən olmadım bir ləhzə azad. Siyəhdil gözlərin qan tökmək üçün Çəkibdir tiğini manəndi-cəllad. Bu bidadı mana eşqin qılıbdır, Cahanda qılmadı Nəmrudü Şəddad. Rəvamı, könlümün şəhrində səndən Fəraqü qüssəvü qəm tutdu bünyad. Gəl, ey Şirindəhən, eşqin yolunda Mənəm ol kuhkən biçarə Fərhad. Nəzər qılgil bu viran könlümə, şah, Qılır sultan olan viranı abad. Bir eyü ad edin fani cahanda, Ululardan cahanda qaldı bir ad. Nəsiminin kəlamından eşitgil, Vəfasızdır cahan, sən qılma bidad. * * * Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə, Bu necə hüsnü surətdir ki, nur ehsan edər ayə. Cəmalından münəvvər ay ilə xurşid, ey dilbər, Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə. Qaşındır qab ilə qövseyn ki, əsrarına əql irməz, Vəli bu sirri ol bildi ki, qurban oldu ol yayə. Ləbin şol lə’li-əhmərdir, dişin ol dürri-gövhərdir Ki, lə’li torpağa saldı, buraxdı dürrü dəryayə. Rüxün kimi müzəyyəndir gülü lalə, anın şövqi, Yanağın əksi düşmüşdür məgər kim, vərdi-həmrayə. Cahanın torpağı çünki, əbirə ənbər olmuşdur, Səba mişkin saçın buyi buraxdı müşkü səhrayə. Vüsalın istəyən aşiq əcəb sevdayə düşmüşdür, Cahanü canı tərk eylər, düşər hər kim bu sevdayə. Bu gün, ey xubların şahı, əmiri-dilbəransan kim, Xəyalın ləşkəri verdi könül şəhrini yəğmayə. Gözümdən gərçi pünhandır nigarın surəti, amma Görünən vəchidir anın nəzər qıldıqca hər cayə. Ölürsə iştiyaqından, nə qəm, hicran ilə Seyyid, Üzünü gördü vü irdi bu gün firdövsi-ə’layə. * * * Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə, Könül heyranü zar oldu bu reyhani-səmənsayə. Lətafətdən edər əksi ləbin lə’li-bədəxşanə, Zərafətdən urar tə’nə dişin lö’löi-lalayə. Pərişanhal olmuşdur könül zülfün səvadından, Bu divanə nədən düşmüş bu piça-piç sevdayə. Əzəl nəqqaşı yazarkən cəmalın nəqşini, dammış Qələmdən nöqteyi-ənbər bu gülbərgi-dilarayə. Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə, Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə. Xəti reyhandürür gör kim, göyərmiş kövsər üstünə, Və ya rüxündən ayətdir oxunmuş bədr ilə ayə. Nə şirin şərhini eylər Nəsimi ləblərin, yarəb Ki, məst olur həlavətdən bu tutiyi-şəkərxayə. * * * Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə, Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə! Şol moğolçin nərgisinlə çünki qapdın könlümü, Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə! Kimsə çün yarın vüsalın bulmadı tamat ilə, Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə! Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn, Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə! Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil, Danə düzmə təsbihi, səccadəyi dam eyləmə! Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam, Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə! Çün Nəsiminin muradı sənsən, ey arami-can, Xəlq içində anı düşmənkamü bədnam eyləmə! * * * Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır, Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır. Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl, Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır. Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin, Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır. Rüxün gülzarına qarşı qızardı məğribin rəngi, Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır. Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz, Üqulu əhli-irfanın onun hərfində heyrandır. Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən, Gözündə surəti-rəhman, dilində zikri-sübhandır. * * * Cahan üzün günəşindən münəvvər olmuşdur Cahan üzün günəşindən münəvvər olmuşdur, Səba saçın qoxusundan müəttər olmuşdur. Ləbin qatında ki, andan utandı abi-həyat, Şəkər sözün nə deyim, çün mükərrər olmuşdur. Dua ilən nə diləyim səninçün həqdən kim, Iki cahan sana həqdən müyəssər olmuşdur. Kimin ki, könlü dilədi ayağını öpmək, Başını oynamaq ana müqərrər olmuşdur. Nəsibimi necə sə’y ilə artırım, çünkim, Əzəldə nəhnü qəsəmna müqəddər olmuşdur. Səhər yeli əsəli sünbülün diyarından, Məşami-əhli-məhəbbət müəttər olmuşdur. Nəsimi, ey şəhi-xuban, camalını görəli, Gözündə surəti-rəhman müsəvvər olmuşdur. * * * Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər, Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər. Sənin ol cadu gözündən həzər kim qılmasın, şaha Ki, hər bir baxışı yüz min füsunü məkrü al eylər. Xəyalın hər gecə ta sübh gətirməz gözümə uyqu, Fəraqın bağrımı qəmdən əritdi, çün zülal eylər. Çün ol kirpiklərin zəxmi baş edər bağrımı hər dəm Ki, bağrım qanı hər saət gözümnü malamal eylər. Bu cövrü kim, edərsən sən Nəsimiyə, bu gün, cana, Səni tərk eyləməz neyçün, cəfalar ittisal eylər. * * * Cəmalın fitnəsi tutdu cahani Camalın fitnəsi tutdu cahanı, Çıxardıb pərdədən razi-nihanı. Nedər aşiq cahanü canı sənsiz, Ki, sənsən aşiqin canü cahanı. Ləbindir çeşmeyi-heyvan, vəli şükr Ki, hər heyvantəbiət bilməz anı. Ləbi-lə’lin şərabın içənə sor Ki, kimdir içən abi-zindəganı. Susamış qanıma lə’lin eşitdim, Bu dövlət aşiqi-miskinə qanı? Görün kim, qəmzəsilə yuxusundan Oyardı fitneyi-axırzamanı. Əgərçi binişansan, kimsə hərgiz Nişansız bulmamışdır binişanı. Vüsalındır, vüsalındır, vüsalın, Nəimi-xüldü ömri-cavidani. Nəsiminin məkanı laməkandır, Məkansız aşiqin həqdir məkanı. * * * Camalın rövzeyi-rizvan deyilmi Camalın rövzeyi-rizvan deyilmi? Dodağın çeşmeyi-heyvan deyilmi? Səqahüm rəbbihüm xəmri ləbindən, Bəyanü ayəti-Qur’an deyilmi? Rüxü zülfün bəyaz ilə səvadı, Biri küfrü biri iman deyilmi? Sənin məstanə eynin sağərindən Cahan sərtasəri məstan deyilmi? Şəha, eşqin yolunda canı qurban Buyursan, qılmağı asan deyilmi? Dili-sərgəşteyi, sultani-aləm, Səninçün ta əbəd heyran deyilmi? Nəsimi kəşfi-əsrarını bildi, Anı fəhm etməyən nadan deyilmi? * * * Camalın tələti gülzara bənzər Camalın təl’əti gülzara bənzər, Dodağın şərbəti xunxara bənzər. Nəimin bağıdır gülzari-vəehin, Əgər odlu üzün gülnara bənzər. Tamaşayi-camalın qulhüvəllah, Üzündən qılmayan hüccara bənzər. Yanağın cənnətin xəndan gülüdür, Vəli nərgislərin əyyara bənzər. Vücudun Misri-came’dir, saçın Şam, Xorasanü Əcəm, Bulqara bənzər. Mənəm əxtər bu Misrü Şam içində, Kəvakib türrəsi timara bənzər. Nəsiminin vücudu, ya Məhəmməd, Anadır daima iqrara bənzər. * * * Camalındır həqqin zatü sifatı Camalındır həqqin zatü sifatı, Müənbərdir boyun qədrü bəratı. Könül bir nöqtədir, eşqi yəmində Bitirdi bəhri-eşqin kainatı. Sənin şirin sözün ta Misrə düşdü, Əritdi şəkkərü qəndü nabatı. Xuraman qamətindən sidrə, ey dust, Əyildi çənbər oldu şeş cahatı. Kimin dərmani-dərdi sən deyilsən, Həbadır, hərzədir zöhdü səlatı. Nəsimi ta ki, oldu həqqə vasil, Xızrnın çeşməsi bolmuş həyatı. * * * Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz? Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz. Mişkin saçın eşqi bizi zəncirə çəkdi, bağladı, Yə’ni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz. Saqi ləbindən doğmuşuz, yə’ni ki, beydən lam ilə, Fitrət günündən ta əbəd şol dayədəndir şirimiz. Şol gözlərin kirpiginə aşiq necə seyd olmasın, Gör kim, nə yaydandır gələn şol zəxmə mərhəm tirimiz. Çün qirü qarın qiymətin mə’nidə bildin kim, nədir, Kafura döndü qarımız, həm ənbər oldu qirimiz. Zöhdü səlahü tövbənin ərkanın əhli-zərqə sor, Eşqə mürid olduq, bu gün eşqi-əbəddir pirimiz. Dövründə meygun gözlərin abidlərin, zahidlərin Zikri budur dilində kim, va zərqü va təzvirimiz. Eşq əhli iqlimində çün hüsnündür, ey dilbər, məlik, Hökmünə məhkum olmuşuq, sultanımızdır, mirimiz. Əshabi-kəhfin sirrini görmüş liqayi-Turə sor, Niçün ki, "vəttur" əhlinin kəhfindədir Qətmirimiz. Şol sünbüli-pürçin ilə sevdayə düşdüm, nedəvüz, Tüccariyiz hüsnün, budur kisbatilə kəşmirimiz. Qur’andır anın surəti, aydır Nəsimi, şək degil, Münkir əgər yox derisə, uş müshəf, uş təfsirimiz. * * * Cana, üz istivasına şəqqül-qəmər gərək Cana, üz istivasına şəqqül-qəmər gərək, Ol mö’cüzün bəyanına xeyrül-bəşər gərək. Musasifət təcəlliyi-didar üçün sana, Hüsn ilə qamətin kimi Turü şəcər gərək. Əhya qılır əgərçi dəmin ölü, ey sənəm, Xəlvətnişinə şahidü şəm’ü şəkər gərək. Başımı top edib, şəha, meydanə girmişəm, Meydanə girməgə yenə mərdanə ər gərək. Hər bibəsər səni neçə yol bula görməyə, Uçmaqda rö’yətə dəxi əhli-nəzər gərək. Napak olan sənin nə bilir qədrü qiymətin, Zatında adəmin dəxi arı göhər gərək. Qismət, Nəsimi, olmayacaq yara kim irər, Yara irişməgə yenə yardan xəbər gərək. * * * Cana, sən candan nə kim, gəlsə cigərlər ağrımaz Canə sən candan nə kim gəlsə cigərlər ağrımaz, Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz. Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır, Cismimi sər ta qədəm min gəz yararlar ağrımaz. Fitvasindan zahidin nahəq məni gər soyarlar, Qəm değil səndən, şəha , görcək damarlar ağrımaz. Zahidin əfsanəsindən soydular nahaq məni, Həq bilir səndən şəha, sahib nəzərlər ağrımaz. Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim, Çeşmi-əhvəl ağrıdan arifbəsərlər ağrımaz. Zahidin bir barmağın kəssən dönər həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz. Cəhli-namərdin qaçan meydan günündə yeri var, Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz. Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, Bunca namərdi görün, bir ər qıyarlar ağrımaz. * * * Canana mənim sevdiyimi can bilir ancaq Canana mənim sevdiyimi can bilir ancaq, Könlüm diləyin dünyada canan bilir ancaq. Bildim, tanıdım elmdə mə’budu, yəqin ki, Şöylə bilirəm kim, anı Qur’an bilir ancaq. Abdal oluban bəylik edən arifi gör kim, Bu səltənətin qədrini sultan bilir ancaq. Sufimidir ol cami-müsəffasına məşğul, Pünhani içər eylə ki, şeytan bilir ancaq. Ey saqi, gətir dövr əyağını dövr eləsün kim, Bu dövr əyağın dövrünü dövran bilir ancaq. Könlüm gəmisin qərq edə gör eşq dənizinə Kim, bu dənizin bəhrini ümman bilir ancaq. Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu, quş dilidir, bunu Süleyman bilir ancaq. * * * Canda ki, eşq olmadı, dildə xəbər nə faidə Canda ki, eşq olmadı, dildə xəbər nə faidə? Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə? Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən, Ayətü təfsirü kəlam, ana xəbər nə faidə? Gövhərin üştə qiymətin sərraf olan arif bilir, Ol ki, mübəssir olmadı görə göhər nə faidə? Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən, Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə? Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl, Aşiq olan kişilərə eşqə süpər nə faidə? * * * Candan çıxarmazam sənin, ey canı, xəyalını Candan çıxarmazam sənin, ey can, xəyalını, Can təndə qalmaz anda ki, görsəm camalını. Elmü hədisü ayəti-fürqan sorar zi mən, Ağ üzün üstə görmüşəm ol xəttü xalını. Cəhd et macalın əldə ikən yara yara kim, Bir gəz əcəl irər dəxi verməz macalını. Ey dünya, mən yenə səni bildim, yalançısan, Aldanmazam sənə dəxi çün bildim halını. Vəhdət dəmində dərvişü sultan çü bir imiş, Gəl, xəstədil Nəsimi, qəbul eylə şalını. * * * Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm Canıma düşdü firqətin, gör ki, nə nar içindəyəm, Güldən iraq gül kimi möhnəti-xar içindəyəm. Canımı vüsləti-ləbin hicrə mübəddəl eylədi, Gör nə meyü piyalədən rənci-xumar içindəyəm. Zülfü rüxün şümarını şamü səhərdə sayaram, Kim bilir ol şümari kim, mən nə şümar içindəyəm? Lə’lü əqiqü inciyi saçaram altun üstünə, Gör ki, gözümdən uş necə bəzlü nisar içindəyəm. Ey qamu xubların şahı, lütfü inayət eyləgil, Dut əlimi ki, düşmüşəm əqrəbü mar içindəyəm. Zülfü rüxün hədisini necə unudam, ey pəri, Çün dünü gün anınla mən leylü nəhar içindəyəm. Canımı ənbərin saçın seyd edəli kəməndinə, Rumü Xətayi dutmuşam, Çinü Tatar içindəyəm. Nəqşi-nigarını üzün məndə müsəvvər eylədi, Mən bu nigari-nəqş ilə nəqşü nigar içindəyəm. Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm. * * * Canımı qıldım fəda şol dilbərin didarına Canımı qıldım fəda şol dilbərin didarına, Aşiq oldur canını qıldı fəda dildarına. Çünki Məcnun gördü ol üzündə həqqin surətin, Aşiqin mə’şuqəsi Leyli olur didarına. Gəl asıl bərdar çün Mənsurləyin, Mənsurvar, Aqibət mənsurini Mənsur asar darına. Dünyanın nazü nəimi laşeyi-murdar imiş, Assığı yoxmuş anın, sən girməgil bazarına. Şəm’i-ənvari-təcəllidir camalı dilbərin, Ey könül, pərvanətək gəl yan bu şəm’in narına. Xoş keçir ömrün, Nəsimi, sən cahanda yar ilən, Aqil isən təkyə qılma dünyanın dinarına. * * * Canımın, cana, vüsalın can içində canıdır Canımın, cana, vüsalın can içində canıdır, Cana canü cana canü canü həm cananıdır. Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşəndir kim, ol Bülbüli-ruhül-əminin bağı həm bostanıdır. Qamətin, yarəb, nə tubadır, nə cənnətdir üzün Kim, yəqin əhli-behiştin rövzeyi-rizvanıdır. Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəfal Kim, dodağın səlsəbili çeşmeyi-heyvanıdır. Gözlərin dövründə düşdü qülqülə aləmdə çün, Sürsün ol dövranı kim, dövran anın dövranıdır. Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır, Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır. * * * Canımı yandırdı şövqün, ey nigarım, hardasan Canımı yandırdı şövqün, ey nigarım, hardasan? Gözlərim nuru, iki aləmdə varım, hardasan? Bağrımı qan eylədi acı fəraqın, gəl iriş, Ey ləbi vüslət şərabi-xoşgüvarım, hardasan? Firqətin xarı məni gör kim, nə məcruh eylədi, Ey gözü nərgis, həbibi-gülüzarım, hardasan? Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı, Ey mənim aramım, ey səbrü qərarım, hardasan? Eylədi eşqin məni qalxan məlamət tirinə, Ey gözü, qaşı yeləkli şəhriyarım, hardasan? Ta üzün şəm’indən iraq düşmüşəm, pərvanətək Yanaram leylü nəhar, ey nurü narım, hardasan? Səndən ayru könlümə yoxdur vəfalı yarü dust, Ey cəfasız hüsnü-kamil, yariğarım, hardasan? Dəldi hicranın oxu eşqinlə yanan bağrımı, Surətü mə’nidə, ey çapüksüvarım, hardasan? Zülfünə vermiş əmanət həq əzəldə sirrini, Ey əmanətdar, əmini-kirdigarım, hardasan? Qatı müştaq olmuşam zülfü üzarın buyinə, Ey üzü gülşən, saçı mişki-tatarım, hardasan? Badilən göndər saçın buyin mana hər sübhdəm, Ta ki yandım, keçdi həddən intizarım, hardasan? Aşiqin cənnati-ədni şol camalın vəslidir, Ey şərabi-kövsərim, getməz xumarım, hardasan? Yar üçün hər guşədə min div olur düşmən mana, Ey səvadi-ə’zəmü möhkəm həsarım, hardasan? Çün Nəsimidir bu gün əyyami-eşqin xosrovu, Ey şəkərləb, yari-şirinruzigarım, hardasan? * * * Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri, Qədrü bərat imiş saçın, xalü xətin mələkləri. Qaliyəbu saçınla çün can ilə vüslət etmişəm, Çini-tatarı bulmuşam ud ilə mişkü ənbəri. Mə’dəni-ruh əgər desəm ləblərinə, əcəb degil, Cövhəri cövhəri bilir, sən mana sor bu cövhəri. Hüsnü cəmali-surətin qiblədir, uşbu mə’nidən Surətinə sücud edər ay ilə şəmsi-xavəri. Can ilə kim ki, könlünü eşqinə qılmadı vətən, Divə müsəlləm eylədi məmləkəti-Skəndəri. Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə, Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri? Lövhi-zəmirə nəqşini sübhi-əzəldə yazmışam, Məhv eləməz bu səfhədən kimsə bu nəqşi-peykəri. Üzünə qarşu, ey mələk, hüsnünü öymə kim, ana Ay ilə gün sücud edər, anda pərin tökər pəri. Kişvəri-əmnü afiyət, mə’rifətin kilididir, Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri. Həşrü hesabü məhşərə qail isən, gəl üştə gör Həlqələrində zülfünün şol ərəsati-məhşəri. Gülşəkəri nə vəch ilə ağzına nisbət eyləyim Kim, xəcil eylədi ləbin bal ilə qəndü-şəkkəri. * * * Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək, Biləsən, qıldı mənim dərdimə dərman kəpənək. Kəpənək geydiyimə kimsələr eyb eyləməsin, Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək. Kəpənək geymişəm, əndişədən azad olubam, Üşümək müşkülünü eylədi asan kəpənək. Mə’rifət əhlinə gəldi kəpənək ətləsi-xas, Nə rəvadır ki, geyə cahilü nadan kəpənək. Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur, Geymədi münkir anı, sandı ki, zindan kəpənək. * * * Çıxar pənbə qulağından, gözün aç Çıxar pənbə qulağından, gözün aç Ki, həşr olduvü çalındı bu gün sur. Ləbin lə’li-Bədəxşan eylədi mat, Həbəş mülkündə xalın asdı mənşur. Nəsimi çünki həqqə vasil oldu, Gərək matəm tut, ey münkir, gərək sur. * * * Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab Çünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab, Qalmadı küfrü zəlalət, zahir oldu afitab. Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat, Kənzi-məxfi aşikar olduvü həm yovmül-hesab. Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər, Kafü nundan iki yana hər tərəf əlli tənab. Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud, Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab. Kirpigin, qaşınla zülfün sirrini məndən eşit, Ta sənə ərz oluna həm məniyi-ümmül-kitab. Arifi-həq istərəm söz tanıya aləmdə kim, Söyləyəm məqsudumu ta ol verə gerçək cavab. Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi, Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab. Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa, Ey kəlamüllahi-natiq, ta be key başi bexab. Valiyi-əhd oldun, ey Səyyid, zi Fəzli-ləmyəzəl, Gör nəder vali budur, vallahi-aləm bilsəvab. * * * Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz, Küfrün sözünü dünyada iman dəxi bilməz. Buldum vücudun sübhi-əzəl vəhy ilə münzil, Vəchin sözünü dünyada bürhan dəxi bilməz. İblis əzəli lə’nət olub lə’nətə qaldı, Lə’nət sözünü dünyada şeytan dəxi bilməz. Musa əzəli qıldı vücudimi əsa çün, Musa sözünü dünyada Imran dəxi bilməz. Muşkil oluban çün bu sözü bilmədi kimsə, Müşkil sözünü dünyada asan dəxi bilməz. İnsan oluban camə geyib dünyaya gəldim, İnsan sözünü dünyada ehsan dəxi bilməz. Lö’löi-əzəl şöylə könül dopdolu oldu, Lö’lə sözünü dünyada mərcan dəxi bilməz. Düxan əzəli kim, sözünü vermədi yarə, Düxan sözünü dünyada düxan dəxi bilməz. Gənci-əzəli şöylə könül daşdı töküldü Gəncüm sözünü dünyada viran dəxi bilməz. Ey badi-səba, var, xəbəri yarə ilət kim, Hüdhüd dilidir bunu Süleyman dəxi bilməz. Zülfünə başın top edibən qoydu Nəsimi, Zülfün sözünü dünyada çövkan dəxi bilməz. * * * Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə? Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə. Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək, Hər kimin könlündə vardır, vara ol kan istəyə. Can ilə, dünyavü üqba hər kim ol tərk etmədi, Müddəidir, sanma kim, ol vara canan istəyə. Xizrlə zülmatını tanımayan heyvan kimi, Nə bilə kim, qanda vara, abi-heyvan istəyə? Kim əzəl tanımadı kəndi vücudu şəhrini, Ol gədahimmət nə yoldan vara sultan istəyə? Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna, Başı top olsun anın, gər özgə çövkan istəyə. Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir, Ey Nəsimi, sanma sən kim, kafər iman istəyə. * * * Dərdü qəm ilə yandı könül, yar bulunmaz Dərdü qəm ilə yandı könül, yar bulunmaz, Çox darü diyar istədi, dəyyar bulunmaz. Yaram, deyici çoxdurur, amma bəhəqiqət, Fürsət gəlicək, yari-vəfadar bulunmaz. Adət budurur kim, dili dildara verərlər, Dil getdi əlimizdənü dildar bulunmaz. Neçə kişilər də’viyi-islam edər, amma Tək arada bir xaç ilə zünnar bulunmaz. Hər bihünər, insafı yox uş mənsəbi tutdu, Sahibhünərə mənsəbi-idrar bulunmaz. Hər kişidə bir cübbəvü dəstar olur, amma Min başda biri layiqi-dəstar bulunmaz. Çün çərxi-fələk cahilü nadan sevər oldu, Pəs lacərəm uş fəzlə xəridar bulunmaz. Tərrar gər aparsa qamu rəxti rəvadır, Çün qafilədə bir kişi bidar bulunmaz. Xəlqin əməli azdı, könül yıxıcı öküş, Bir xəstə könül yapıcı me’mar bulunmaz. Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya, Çün dil diləyi əndəkü bisyar bulunmaz. Zərq işi, riya üştə kasad eylədi fəzli, Elm əhlinə bir rövnəqi-bazar bulunmaz. Var özüni faş etmə, Nəsimi, kişiyə kim, Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz * * * Dərdmənd etdin məni, ey dərdə dərman erməni Dərdmənd etdin məni, ey dərdə dərman erməni, Olmuşam eşqin yolunda bəndəfərman, erməni. Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim, Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni? Anca kim, səy eylədim nazik camalın görməyə, Zərrəcə yumşalmadın, ey könlü zindan erməni. Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər, Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni. İsayi-Məryəm həqiçün, heç qərarım qalmadı, Didəmi giryan edərsən, bağrımı qan, erməni. Qorxuram mən dərvişə sən deyəsən din tərkin et, Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni. Xanda bir xaç əhli varsa qamusun seyr eylədim, Bulmadım mən sən təki bir cani-canan, erməni. Bir sual etdi Nəsimi sən büti-mehparədən, Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni. * * * Dil bazarçısı yalandır, varmazam bazarinə Dil bazarçısı yalandır, varmazam bazarinə Gerçək olmaz əyri dil, inanmazam iqrarinə. Sadiq oldur dilini könlü ilə bir eyləyə Əyri dildən nəsnə gəlməz, durmuşam inkarinə. Van möhnətdir cahanın, nə umarsan, ey könül Lənət olsun bu cahana, həm cahanın varinə. Dilbəri oldu kimin kim, fani dünya aqibət Keçdi ömrü doymadı, irişmədi dildarinə. Təxtə çıxmaq istəməz Mənsur olan, ya minbəra Hər ki, Mənsur oldu, çıxdı şahi-eşqin darinə. Dünyanın nazfi naimi cifədir, yəni nəcis, Ey könül tahirsən axır sunma el murdarinə. Həq bilir işini, səbr et, fariq ol, qüssə yemə, Vəqti yetsin bu cahanın qoy və qatlan karinə. Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz, Dərmə ğülündən anın, çün güli dəyməz xarinə. Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür, Qəm deyil gər kimsə olmaz müttəla esrarinə. * * * Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudan Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudan Eyləməyincə dil bəri, bulmadı kimsə dilbəri. Eşq ətəgin tut, ey könül, başını sal ayağına, Gör nə derəm sana, eşit, eşqə yapışma sərsəri. Anda imana gəlməyən bilmədi sirri-Əhmədi, Bunda Əli gərək, əli ta yıxa babi-Xeybəri. Mə’rifət əhlinə üzün Kə’bə, Bilali bənlərin, Mehrab can quşun, vəli eynin imami-Cə’fəri. Çəkdi saçı Nəsimiyi çənbəri-eşqə, neyləsin, Çənbər anındır, oynasın dövri-qəmərdə çənbəri. * * * Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz, Çün müyəssər oldu vəslin, qeyri didar istəməz. Könlümə eşqini qismət çün əzəldən qıldı həq, Ta əbəd eşqindən özgə nəsnə, zinhar, istəməz. Könlümün Mənsuri çünkim, zülfünü edindi dar, Yə’ni ki, Mənsur olan zülfündə bərdar istəməz. Mən kəsildim masivallahdan bu gün, ey müddəi, Vahid oldum yar ilən, aşiq olan var istəməz. Bu dili-biçarədən sordum nədir dərdinə əm, Dilbərin lə’lindən ayrı hiç timar istəməz. Bu könül şəhrini çünki, hicr viran eylədi, Gəl ki, səndən özgə bir mə’murü me’mar istəməz. Çün ləbin abi-həyatidir həyati-ömrümün, Bu Nəsimi səndən ayrı leysə-fiddar istəməz. * * * Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər, Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər. Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin, Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər. Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün, Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər. Sübhi-vəslindən camalın afitabın görməyə, Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər. Ey Nəsimi, yarın əsmasın dilindən qoymagil Kim, müsəmmaya səni xasiyyəti-əsma çəkər. * * * Dilbəra, mən səndən ayru ömrü canı neylərəm Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm? Təxti-tacı, mülkü-malı xanimanı neylərəm? İstərəm vəsli-camalın ta qılam dərdə dəva Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan, Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm? * * * Dilbəra, şəmsüzzühadır ayəti-rüsxarınız Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız, Ayəti-tahavü yasin surəti-didarınız. Qamətin tubadurur, nun vəl-qələmdir qaşların, Hazihi cənnati-ədnin lə’li-şəkkərbarınız. Sureyi-vəlleyl zülfün, gözlərin nə’məlbəsər, Leyk sübhanəlləzi-əsradurur əsrarınız. Surətin vəşşəms oxuram dəmbədəm ixlas ilə Ta ki, hüsnünü bəladən saxlasın cəbbarınız. Qul kəfa billahidir zikri Nəsimi xəstənin, Həq bilir kim, sümmə-vəchullahdurur didarınız. * * * Dildarə müştaq oldu can, anın camalın arzular Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular. Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular. Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular. Çərxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular. Aşiqlərin azarına gör kim necə bel bağlamış, Şol bivəfa aşiqlərin neçün vəbalın arzular. Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular. Yarəb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular. Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müştaqə kim, Şol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Şol mə’nidən kim, dünyada hər şey kamalın arzular. * * * Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur, Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur. Müshəfi-hüsnündə şol hərfü xətü xalın sənin, Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur. Istivadan zülfünüz cənnətdə ey huriliqa, Əhli-imana siratül-müstəqim olmuşdurur. Nəmdürür eynim bu sevdadan həmişə kim, nədən; Qaşların nunü dəhanın hərfi-mim olmuşdurur. Naşüküftə zanbağam, əngüşti-xatəmdir məgər Kim, fələkdə mahi-bədr andan dü nim olmuşdurur. Seyyid andan bəlli kim, şaha, qapına yastanır, Fariğ əz rizvanü bağ, eyşi-nəim olmuşdurur. * * * Dinin günəşi, dünyada imanım əfəndi Dinin günəşi, dünyada imanım əfəndi, Alimlər ümidi, məhi-tabanım əfəndi. Könlüm, gözümün nuru, vücudumda həyatım, Hər dəm damarımda yeriyən qanım əfəndi. Cənnət çəmənində salınan huri-nəimin Gül rayihəli sərvi-xuramanım əfəndi. Gülnarımü narım, çiçəyim, meyvəli bağım, Laləm, səmənim, sünbülü reyhanım əfəndi. Bağım, irəmim, rövzə ilə huri-cinanim, Bülbüllər üçün tazə gülüstanım əfəndi. Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım, Qiymətli olan lə’li-bədəxşanım əfəndi. Eşqində Nəsimi çü qılır canını qurban, Qurbanına qurban olayım, canım əfəndi. * * * Dinləgil bu sözü ki, candır söz Dinləgil bu sözü ki, candır söz, Aliyü asimanməkandır söz. Şeş cəhətdən münəzzəh anlavü bax, Şöylə kim, xaliqi-cahandır söz. Nazilü münzil anla kim, birdir, Kəndi kənduyə tərcümandır söz. Tulü ərz ilə ümqü bulunmaz Yə’ni bihəddü binişandır söz. Bu hədisə nəzər qıl, ey aqil, Anlayasan ki, bigümandır söz. Ərşi-rəhman dedi nəbi könülə, Çünki gördü, könüldə kandır söz. Dedi ya kafüha, əyzə-bikə, Çün Əli bildi, müstəandır söz. Qeyri-məxluqdur, nə demək olur, Anla kim, imdi rayigandır söz. Əqli-küll ərşü kürsü, lövhü qələm, Çar ünsür, nöh asimandır söz. Zahirü batin, əvvəlü axir, Aşikaravü həm nihandır söz. Ey üqulu nəsəb edən isbat, Qamuya söz de kim, hamandır söz. Kafü nundan vücuda gəldi cahan, Əgər anlar isən, əyandır söz. İsiyi-pak, Adəmü Əhməd, Mehdiyi-sahibəz-zəmandır söz. Bu bəyanı dilərsən anlayasan Kim, necəsi filan-filandır söz. “Cavidannamə”yi gətirgil ələ, Ta biləsən ki, nəsnə candır söz. Sözə bu izzü cah yetməzmi, K’aydalar Fəzli-qeybdandır söz. Aqil isən sözünü müxtəsər et, Ey Nəsimi, çü bigirandır söz. * * * Dünü gün müntəzifəm mən ki, bu pərgar nədir Dünü gün müntəzİFəm mən ki, bu pərgar nədir? Künbədi-çərxi-fələk, gərdişi-dəwar nedir? Bu doquz-çərxi-müələq nədən oldu tərtib, Fələk altında dönən kövkəbi-səyyarə nədir? Museyi Tur nədir, Şibliyü Mənsur nədir? Əcdaba olan ağac, riştə ilə dar nədir? Fələyin əsli nədəndir, mələyin nəsli nədən, Adəmin surətinə bunca tələbkar nədir? Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir, Məscidi bütkədəvü xirqəvü zünnar nədir? Elmi Quranü hədisü xəbəri vəz ilə dərs Cümlə bir məni imiş, bunca bu təkrar nədir? Kim ki, pərvanə sifət eşqə yaxılmaz, nə bilir, Ol nə bilsin özünü bilmədi kim, nar nədir? Odu su, torpağı yel adı nədəndir, adəm, Ana səcdə nə üçün, iblisə inkar nədir? Günəşin qürsü nədən yer üzünə şölə verir. Ya bu bir məşələdə nur nədir, nar nədir? Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü, Kəndisin anlamayan bilmədi hər kar nədir? Ayü gün əxtəri əncüm nədən oldu izhar, Şöleyi şəmsü-qəmər, pərtövi-ənvar nədir? Gəlgil ey dust, qamu müddəilər korluğuna, Sana asan qılayım bunca bu düşvar nədir? Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir, Surəti-şəmidə bu pərtövi-ənvar nədir? Tərk evində sən əgər hərçü Nəsimi olasan, Bir gün ola deyəsən, cübbəvü dəstar nədir? * * * Dünya duracaq yer deyil, ey can, səfər eylə! Dünya duracaq yer deyil, ey can, səfər eylə! Aldanma anın alına, andan həzər eylə! Bir halə qərar eyləməz əyyam, keçər ömr, Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə! Payəndə degil dövləti, ey xacə, cahanın, Əsbabinə aldanma, gəl andan güzər eylə! Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl Can ilə cahan ortaya qoy, tərki-sər eylə! Düşdü saçının zülmətinə könlüm, ilahi, Şol hali pərişanə bu şami səhər eylə! Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət, Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə! Gər Musiyi-Imran kimi şol narə sataşdı, Gəl, tabişini göstərü şərhi-şəcər eylə! Dünya evinin səltənəti beş gün imiş çün, Bünyadını yıx, ər kimi, zirü zəbər eylə! Şol püstədəhanın xəbərin bildi Nəsimi, Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə! * * * Düşdü könül ala gözün ağınavü qarəsinə Düşdü könül ala gözün ağınavü qərasinə, Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə? Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə, Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə? Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim, Eyləmişəm fəda anın canımı hər bəlasinə. Çünki cəfasız, ey könül, kimsə murada irmədi, Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə. Nurü səfa içindəyəm qərğə, vəli, bu haləti Ol nə bilir ki, düşmədi mehri-rüxün həvasinə. Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa, Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə. Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək, Düşməsin arisiz nəzər ayinənin səfasinə. Dilbər əlində aşiqin qətli nədən həram ola, Aşiqə çün həlal edər vəslini qan bəhasinə? Çün bu yalançı dünyanın aqibəti fəna imiş, Keç qamudan Nəsimitək, baxma anın bəqasinə. * * * Düşdü yenə dəli könül gözlərinin xəyalinə Düşdü yenə dəli könül gözlərinin xəyalinə, Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə? Al ilə ala gözlərin aldadıb aldı könlümü, Alını gör nə al edər, kimsə irişməz alinə. Qiymətini dodağının dəgmə xəsisə sorma kim, Mən bilirəm ki, can ilə susamışam zülalinə. Gözlərinə əsir olan halımı, oldur anlayan, Kim ki, bu halə düşmədi qoy vara kəndü halinə. Sirrini şol qara bənin çünki yanağı şərh edər, Can, nə ola nisar edəm yanağınavü xalinə? Dadlı sözündən utanır abi-həyat, məhv olur, Gülbəşəkər nə nəsnədir kim, irişə məqalinə? Hüsnü cəmalü surətin məclisi bərkəmaldır, Şərhü bəyanü vəsfinə əql irəməz kəmalinə. Üzünü, qaşını görən qarşubəqarşu, gözbəgöz, Sanma ki, baxa ol gögün bədrinə ya hilalinə. Aşiqi-sadiqin qanı yarə həlal imiş, vəli, Girsə əgər rəva degil dilbər anın vəbalinə. Ay ilə gün sücud edər surətini göricəgiz, Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə. Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm, Qoydu həqiqü ətləsi, girdi əbavü şalinə. * * * Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz, İçdim ləbin şərabını, cam olmadan hənuz. Gördüm üzünü Kə’bədə əhli-səfa ilə, Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz. Yazmış üzündə sureyi-rəhman ələssəlam, Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz. Gördüm üzünü nuri-təcəllivü şövqünü Ayü günəşdən nuri-qiyam olmadan hənuz. Dürdanə dişlərini nigarın görəndə mən, Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz. Vəchində yazmış idi anın yirmi səkkiz hərf, Xətti-bəyani-hərfü kəlam olmadan hənuz. Görmüş idi üzündə Nəsimi nişani-həq, Ol dəm nişani-sübh ilə şam olmadan hənuz. * * * Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə, Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə. Könlümü viran eylədim, mehrin yerin can eylədim, Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə. Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim, Hərdəm mana bir dərd ilən artırma dərman üstünə. Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi: Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə. Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbin Şö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə. Nuri-təcəlli sirrini xalında gördü gözlərim, Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə. Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur, Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə. * * * Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə, Təaləllah, zəhi sünbül, təaləllah, zəhi sayə! Nəzirin yazamaz ayruğ əzəl nəqqaşı rüxsarın Ki, hüsnün dövri xətm oldu bu rüxsari-dilarayə. Qaşın me’racinə sufi irişmək istər, ey huri, Vəli hər qasir idrakın ürucu irməz ol yayə. Üzün vəş-şəmsü yasindir, müsənna kirpiğin taha, Tanıqdür əlləzi-əsra bu me’racü bu əsrayə. Rüxün əsmayi-hüsnadır, təala şanəhu, gör kim, Nə ehsan eyləmiş möhsin bu hüsni-surət-əsmayə. Saçındır leylətül-əsra, qaşın əsrari-ma əvha, Qanı həqdən irişmiş can bu ma əvhayü əvhayə. Vüsalın qiyməti dürdür, nəhayətsiz dəniz eşqin, Bu dürrün kanın ol buldu ki, qərq oldu bu dəryayə. Rüxün rəngi, saçın buyi nə ziba rəngü budur kim, Gülü gülzarə göndərdi, buraxdı mişki səhrayə. Gəl ey tuba, sücud eylə bu siminbər səhi sərvə Ki, əmri-əscədü gəldi bu rə’na qəddü balayə. Pərişan zülfünün halın nedirsən bilmək, ey aqil? Bu sevda incə sevdadır, dolaşma sən bu sevdayə. Saçın vəslindən ol aşiq həyati-cavidan buldu Ki, təslim eylədi canın bu reyhani-səmənsayə. Münəvvər əbhərin türkü evin yəğmaladı əqlin, Moğol hər qanda varırsa düşər taracü yəğmayə. Nəhəngi-məcməül-bəhreyn xüruç etdi məkanından, Sədəf ağzındakı dürrü buraxlı qə’ri-dəryayə. Bu gün şol mahi-tabanın üzün gör zahir, ey abid Ki, məhrum oldu ol xasir ki, məğrur oldu fərdayə. Nəsimi çün səni buldu, dü aləmdən vəhid oldu, Kəsildi mavü mənlikdən, ulaşdı zati-yektayə. * * * Dodağın qənd imiş, bal anda neylər Dodağın qənd imiş, bal anda neylər? Nə nazik xətt imiş, xal anda neylər? Yedi hərf oldu çün hər bir vərəqdə, Əlif ya lam əlif dal anda neylər? Sufi ətləs geyər, zahid səqərlat, Fəqirin geydiyi şal anda neylər? Kimin ki yoxdurur gənci-nihanı, Ya anca mülk ilə mal anda neylər? Nəsimi nara düşdü yar əlindən, Bu özgə hal imiş, qal anda neylər? * * * Ey badi-səba, məndən ilət yarə səlamı Ey badi-səba, məndən ilət yarə səlamı, Şol qəmzələri ərbədəcu, eyni həramı. Müştaqə nədir çarə, mana bildir, anı et, Gər fürsət ola yarə dəgirmək bu pəyamı? Yandırdı məni yandırıcı firqəti anın, Bir daxi qanı kim, görüm ol mahi-təmamı? Zülfündənü xalından anın ayruyam, ayru, Ey həq, mana ver sən yenə şol danəvü damı. Məqsudi kimin kim, iki aləmdə nə sənsən, Məqsudunu itirdivü fəth olmadı kamı. Mə’nidə üzü qiblədə ol arif imiş kim, Üzündür anın qibləsi, eynindir imamı. Ol lövhdü, ey üzü qəmər, gül yanağın kim, Ruhülqüdüs ol lövhdən endirdi kəlamı. Bəzmində əzəl saqisi lə’lin mana sunmuş, Ol badəyi kim, ruhül-əmindir dolu camı. Vəslin əbədi bəxt imiş, amma nə deyim kim, Dövranı degil baqivü peyvəstə davamı. Hüsnün quludur cümlə əgər mahisə, gər xur, Ey lə’linə can bəndəvü yazuqlu qulamı. Namusa məni də’vət edər nasehü namə, Ey xacə, nədir aşiqə namus ilə namı? Vəsfində Nəsimi sözünü ərşə çıxardı, Qanğı sədəfin incisi buldu bu nizamı. * * * Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür, Xubların cövründən özgə kim mənə həmdəmdürür? Ey günəş üzlü həbibim, şad qılğıl sən məni Kim, fərağından bu canü dil qəriği-qəmdürür. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini, Bəs bu fəryadım nədəndir, didə qandan nəmdürür? Və’deyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim, Dün ki, keçdi, danla qaib, bəs bu dəm xoş dəmdürür. Gər desəm vardır cahanda, sənsən, ey könlüm alan, Dil sənindir, can sənindir, mən mənim bəs nəmdürür? Zahidin mehrab içində zikrü taətdir işi, Aşiqin məhbub önündə çəngi zilü bəmdürür. Bir nəzər qılğıl Nəsimi halına, gör kim, necə Sözləri fəryadü naliş, gözləri Zəmzəmdürür. * * * Ey əlləzi-yüvəsvis, taətlərin həbadır Ey əlləzi-yüvəsvis, taətlərin həbadır, Əgri yolun zəlalət, çürük sözün xətadır. Zənnü güman içində qalmışsan, ey yəqinsiz, Məşkuk ilən kim aydır qılmaq əməl rəvadır? Cüm’ə namazı niçün şərt oldu Misrü came’ Şərtin bil əvvəl, andan məşrutun et, səladır. Ey bilməyən bu Misri, itirmə cüm’əyi kim, Cüm’ə bu Misr içində məqbuli-kibriyadır. Yusif kimi əzizəm Misrin içində daim, Həqqi bilən həmişə aləmdə müqtədadır. Adinə surətindən endi Rəsula cüm’ə, Tanıq bu həq hədisə uş qövli-Mustafadır. Adinə neçin oldu, adinənin adın bil, Bu sirri ol bilir kim, həq ilə aşinadır. Adinədir qiyamət, ol gündədir nədamət, Ol gündə həşr olisər, ol gündə macəradır. Ol gündədir hesabın, həm rahətü əzabın, Ol gündə həq qatında icmai-ənbiyadır. Adinəyi bilənlər məğfurü nacidirlər, Məğfur olan cahanda hadiyü pişvadır. Ey cüm’ədən xəbərsiz, cüm’ə gününü bil kim, Ol gündə və’deyi-həqq uçmaq ilə liqadır. Cüm’ə günün süfatı şərhü bəyana sığmaz, Mə’nidə cüm’ə gərçi cami-cahannümadır. Çün cüm’ə yövmi-dindir ərzü səmada həqdən, Dinin itirmiş ol ki, adinədən cüdadır. Ol müşriki-nəcisdir cüm’əyi qılmayan kim, Qövlivü fe’li anın təqlid ilən riyadır. Çün höccətül-məsakin cüm’ə günüdür, ey can, Miskinə sor ki, miskin ayinəsi səfadır. Came’də cüm’əyi uş hər gün qılan mənəm bil, Qur’an imamım oldu, daim yönüm həqadır. Adinə həcci-əkbər hüccaca həqdən endi, Ol bibəsər nə bilsin bu sirri kim, ə’madır. Peyğəmbərin sözüdür, həm tanrının kəlamı, Şol əhdü şol əmanət gör kim, nə iddiadır. İmanı yoxdur anın kim, oldu biəmanət, Dinin itirmiş ol kim, əhdində bivəfadır. Şol əhdü şol əmanət gər səndə varsa xoşdur, Yoxsa, yalan imansız, həm dinsiz ol dəğadır. Ey küfrü şirk içində sanan özünü mö’min, İslamü şər’ü iman məxsusi-övliyadır. Dəccal tə’nəsindən xövf eyləməz Nəsimi, Niçün ki, ruhi-qüdsə övnü müin xudadır. * * * Ey əzəli can ilə cananımız Ey əzəli can ilə cananımız! Eşqi-rüxündür əbədi şanımız. Kə’bə üzündə bizə, ey Fəzli-həq, Zülfü rüxün qibləvü imanımız. Vəchinə yazdı otuz iki hüruf, Hikmət ilə münşiyi-ərkanımız. Surəti çün əhsəni-təqvim imiş, Səndə zühur eylədi sübhanımız. "Səvvərəkəllahü əla şəklihi" Üştə nəbinin sözü bürhanımız. Mö’minə həq dünyanı zindan dedi, Möminə çox qalmaya zindanımız. Uymadı arif sözünə vaizin, Divə müti’ olmadı insanımız. Əvvəlü axırda üzündür, üzün, Sün’i-xuda, qüdrəti-yəzdanımız. Kim ki, sücud eyləmədi hüsnünə, Divi-lə’in olduvü şeytanımız. Can necə tərk eyləsin, ey can, səni, Çünki canın canısan, ey canımız! Pərdə üzündən götür, ey surətin Fəzli-ilahi ilə rəhmanımız. Eynimə sənsiz tikan oldu cahan, Qandasan, ey tazə gülüstanımız? Ta biləsən kim, necədir, ey fəqih, Adəmi-xaki ilə ehsanımız. Hüdhüdü Bilqeysə rəsul eylədi, Naməni göndərdi Süleymanımız. Cövr ilə yandırdı Nəsimiyi dust, Həm bu idi dust ilə peymanımız. * * * Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. Ey sənəm, hicran əlində naleyi-zar eylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam, Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır. Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal, Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır. Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm? Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır. Məhşəri-yövmül-hesab, qopdu qiyamət başımə, Çünki, ey Yusuf sifətli, piri-Kən’an ayrılır. Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə? Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır. * * * Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur? Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur? Şol mütərra mişki-zülfündən, səba, vergil xəbər, Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur? Şol ləbi lə’lü gözü ahuyi-şəhr la dilfirib, Şol saçı zülmət, bəni mişki-tatarım xoşmudur? Qönc içində qönçə olub dürc olur dürri-ədən, Şol çəmən səhnində açılmış baharım xoşmudur? Yel əlimdə, su gözümdə, od içimdə xak olur, Daim anda həşr olıcaq səbzəzarım xoşmudur? Çün Nəsimi saldı özün eşqinə pərvanətək, Ey üzü gülşən, sana bu ahü zarım xoşmudur? * * * Ey camalım ərşi-rəhman qabiə-qövseyn qaşınız Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız, Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız. Əhsəni-surətdə, yarəb, sən nə ziba çöhrəsən, Hurilər oldu qulun, xublar qamu fərraşınız. Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil, Laməkan bədrü hilalidir üzünlə qaşınız. Ta ki zülfü qaşlarından gözləri çəkdi çəri, Oldu kövn ilə məkanın varlığı taraşınız. Surətindən, ey sənəm, ta görmüşəm həqqi əyan, Səcdə qıldı üzünə bu aşiqi-qəllaşınız. Bəhri-zatın gövhərisən, layəzalın surəti, Laməkan sirrinə xoşdur uşbu gün sirdaşınız. Üzünü gördü Nəsimi, ey gözüm nuri həbib, Asitanındır səririm, yastığımdır daşınız. * * * Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim, Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim. Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim, Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim. Ey baharım, ey nigarım, ey şikarım, şahidim, Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim. Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim, Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim. Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə, Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim. Ey mənim xurşidü mahım, ey çırağım, fanusum, Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim. Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı, Söylə axər, ey Nəsimi, cani-dildən çakərim. * * * Ey həbibim, dilbərim, vey sevgili yarım mənim Ey həbibim, dilbərim, vey sevgili yarım mənim, Vey dilaramım, nigarım, bəxti-bidarım mənim. Ey güləndamım, gülüm, vey bülbülüm gülzar ilən, Işrətim, eyşim, tərəbim, türfə əyyarım mənim. Rahətim, ruhum, rəvanım, can içində sənmisən, Qüvvətim, püştüm, pənahım, sirrü əsrarım mənim. Yusifim, Misrim, Əzizim, dövlətim, başım tacı, Şəkkərü qəndü nabatım, türkü tatarım mənim. Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilən Fikrim, əndişəm, xəyalım, varlığım, varım mənim. Nazikim, xubum, lətifim, mehribanım, tazə gül, Munisim, canım, rəfiqim, şol vəfadarım mənim. Sərvərim, şahım, əminimsən, humayun kölgəlim, Həm yenə səndən düzülmüş uşbu bazarım mənim. Cənnətim, hurim, nəimim, kövsəri-mai müin, Görk içində gündən ayrı hüsnü dildarım mənim. Kə’bəmü qibləm, sücudum qaşların mehrabıdır Üzümü döndərməzəm gər, asalar, darım mənim. Seyyidin razü niyazı, məhrəmi sənsən bu gün, Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim. * * * Ey Məsihadəm, niyə can vermədin cansızlara? Ey Məsihadəm, niyşə can vermədin cansızlara? Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə. Ləblərin abin məni-diltəşnədən qılma diriğ, Nola dərman eyləsən bu dərdi dərmansızlara. Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor, Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə. Hüsn içində Yusifi-Kən’ana təhsin etməzəm, Onların dövranı keçdi, gəldi dövran sizlərə. Barmaq ilən göstərərlər kim, üzündür qibləgah, Ol şəhadətdən dönübdür küfri-iman sizlərə. Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa, Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə. Çün Süleyman mülkünü qoyduvü getdi dünyadan, Qaldı andan sonra bu mülki-Süleyman sizlərə. Eşq içində binəva qaldım, hədər cəhd eylərəm, Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə. Əhli-aləm ildə bir qurban edərlər eyd içün, Hər zaman qurbanınam, ey cümlə qurban sizlərə. Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək, Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə. Ey Nəsimi, xubların bir başı vardır, min dili, Eşqilə bel bağlama bu əhdü peymansızlara. * * * Ey nafeyi-Çin saçın siyahı Ey nafeyi-Çin saçın siyahı, Hüsnün dəli qıldı mehrü mahı. Şəqqülqəmər oldu istivadən, Şərh eylə bu sirrini kəmahi. Ey eşqə ədüvvü, hüsnə münkir, Təzvir ilə çəkmə bunca ahı! Gər ne’məti-cavidan dilərsən, Heyvanlara qoy bu abü kahı. Ey eşqə günah deyən günahkar, Tərk eyləməzəm mən ol günahı. Çün vəhdətə buldu yol müvəhhid, Cərh oldu bu münkirin güvahı. Məqsudunə bulmadı hidayət, Hər kimsə ki, bilmədi bu rahı. Mislivü nəziri yoxdur anın, Vəsfində nə söyləyim, ilahi?! Şol başə ki, taci-dövlət endi, Neylər kəməri, nedər külahı? Sultandır iki cahanda şol kim, Fəzli-həq ola anın pənahı. Məhv oldu Nəsimi eşq içində, Dəryayi-mühitə düşdü mahi. Sufi nə bilir rümuzi-rindan, Çün çəkmədi bər səri-sürahi. * * * Ey nazı çox dilbər, məni yandırma hicrin narinə Ey nazı çox dilbər, məni yandırma hicrin narinə, Çün yanaram pərvanətək şəm’-rüxün ənvarinə. Hicrin şərabı acıdır, müştaqə içirmə anı, Neçin ki, yar ol ağuyu içirməz, ey can, yarinə. Hüsnündən, ey şəmsü qəmər, afaqə düşdü fitnələr, Kimdir yetən əndişəsiz zülfü rüxün əsrarinə. Dünyavü üqbadə mənə məqsud sənsən, yoxsa mən Üqbayə sənsiz baxmazam, həm dünyanın miqdarinə. Vəslindən oldum çün qəni, mən mülkü malı neylərəm, Mən künfəkani vermişəm vəsli-rüxün didarinə. Saçır xəyalın nəqşinə lö’löi -şəhvarı gözüm, Ey dişləri dür, bax anın dürdaneyi-şəhvarinə. Üzün ənəlhəqqi məni zülfündə bərdar eylədi, Mənsur olandır asılan aləmdə eşqin darinə. Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir, Aşiqlərə zülfün yetər də’vət qıla zünnarinə. Gər vasil olmaq yar ilə istərsən, ey aşiq, bu gün Gəl ur Nəsimi tək qafa kövnü məkanın varinə. * * * Ey nuri-dilü dildə, didarına müştaqəm Ey nuri-dilü didə, didarına müştaqəm, Vey yari-pəsəndidə, didarına müştaqəm. Ey mahi-pəripeykər, vey huri-mələkmənzər, Vey lə’li-ləbi şəkkər, didarına müştaqəm. Ey rəhməti-ilahi, sənsən yerü gög mahı, Vey qamu xubun şahı, didarına müştaqəm. Ey şəmsü qəmər üzlü, şirin dodağın duzlu, Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Ey cümlə cahan canı, aşiqlərin imanı, Vey simü gühər kanı, didarına müştaqəm. Ey sahibi-təxtü tac, canlar canına möhtac, Vey görklü üzün me’rac, didarına müştaqəm. Ey nuri-səmavati, vey məzhəri-ayati, Vey canü cahan zati, didarına müştaqəm. Ey eşqi-dürəfşanım, vey bülbüli-bustanım, Vey nərgisi məstanım, didarına müştaqəm. Ey buyi-baharıstan, vey huri-nigarıstan, Vey dilbəri-sərməstan, didarına müştaqəm. Ey dərdimə sən dərman, tən gövdəvü eşqin can, Vey tazə güli-xəndan, didarına müştaqəm. Ey çeşmeyi-heyvanım, sənsiz nedərəm, canım, Vey şahımü sultanım, didarına müştaqəm. Ey dilbəri-pünhani, sənsiz nedərəm canı, Vey Yusifi-Kən’ani, didarına müştaqəm. Ey hüsnü bidayətsiz, vey lütfü nəhayətsiz, Vallah ki, bəğayətsiz, didarına müştaqəm. Ey dilbəri-dildarım, sənsən əbədi yarım, Vey yari-vəfadarım, didarına müştaqəm. Ey çeşməyi-heyvanım, sənsiz olımaz canım, Vey bəhri-gühər kanım, didarına müştaqəm. Ey dilbəri-simintən, sən canü Nəsimi tən, Vey sərvü gülü gülşən, didarına müştaqəm. * * * Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır, Ey dodağın abi-heyvan can anın heyranıdır. Surətin lövhündə həq çəkmiş kəmali-qüdrətin, Əhsən, ey surət, kəmahı qüdrəti-rəhmanidir. Gəl ki, yandırdı məni hicrində eşqin atəşi, Şərbəti-vəslin bu dərdli xəstənin dərmanıdır. Mö’minin qəlbindədir əhli-yəqinin rövzəsi, Arifi-əsrari-həq şol rövzənin rizvanıdır. Ey ki, hüsnündür kəmali-qüdrəti-rəhmanımız, Qüdrəti-rəhmana heyran olmayan şeytanidir. Dilbərin yolunda sən gər əhl olursan, can fəda Tərki-can etmək yolunda ömri-cavidanidir. Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan, Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir. * * * Ey üzün nuri-təcəlli, məniyi-iman budur Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur, Hər kim iqrar eyləməz, insan degil, heyvan budur. Sün’ü biçun eylədi zahir üzün, yüz afərin, Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur. Görmüşəm ziba üzünü, surəti-rəhmandurur, Sormuşam lə’li-ləbini, dərdimə dərman budur. Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın, Hər kişi kim, oldu layiq, eydinə qurban budur. Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun, Ayəti-Allahu nurən, höccətü bürhan budur. Surətin vəchində buldu, bildi arif sirrini, Bilmədi qafil bu sirri, cahilü nadan budur. Söylədi zahir Nəsimi şe’rini, verdim cavab: Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur. * * * Ey üzün şənində münzəl ayəti-Allahu nur Ey üzün şə’nində münzəl ayəti-Allahu nur, Ləblərin həqqinə gəldi nükteyi-maən-təhur. Əvvəlü axır çü sənsən, batinü zahir çü sən, Məqsədi-əqsa camalındır, gözümdən getmə dur. Söyləyən hər natiqin dilində səndən özgə yox, Işləyən hər failin fe’lində sənsən biqüsur. Səndən özgə aradım, dəyyar yoxdur dünyada, Cümlə əşyada kəmahu eyləyən sənsən zühur. Zahida, gəl zöhdü mə’bud etmə, olma bütpərəst, Həqpərəst ol, həqqi tanı, həq-minəllahül-ğəyur. Aşiqin məqsudu didarındır, ey arami-can, Qeyri-didarın görünməz gözümə cənnatü hur. Vaqif olmaz sirri-lövhidə ol iman əhli kim, Edə bilməz nəfsini dünya həvasından übur. Aləmi-ərvaha, ey dil mürğü, pərvaz eylə kim, Qalmadı bu aləmi-ünsürdə bir saət hüzur. Ey Nəsimi, surü e’cazi-Məsihadır sözün, Istimaından nola həyy olalar min-fi-qübur. * * * Eyşü tərəb yari gül, üzar ilə xoşdu Eyşü tərəb yari gül, üzar ilə xoşdur, Canü cahan elə bil ki, yar ilə xoşdur. Qanıma gəl bandır əlin, ey nigar, gör Kim, necə simin əlin nigar ilə xoşdur. Gəldi gül, açıldı lalə, gəl bəri sun cam, Laləvü gül fəsli-növbahar ilə xoşdur. Əhli-nəzərdən yaşırma, aç üzünü gəl, Gül gəlicək əndəlib zar ilə xoşdur. Dara çıx, ey aşiq, söylə anda ənəlhəq, Aşiq olanın həqqə başı dar ilə xoşdur. Aşiqə ol fəxr yetər ki, olmadı sufi, Dövlət ana kim, bu iftixar ilə xoşdur. Ta ki, gülünün vəslinə irişməyə hər əl, Çevrəsi anın həmişə xar ilə xoşdur. Gərçi xoş olmaz xumarı hər sifətə, Qəmzeyi-məstanəsi xumar ilə xoşdur. Aləmi tövhidə çün irişdi Nəsimi, Nar ilə nur olduvü nur nar ilə xoşdur. * * * Ey üzü gül, ləbləri mərcanımız Ey üzü gül, ləbləri mərcanımız! Ey gözü nərgis, şəhi-məstanımız! Üzünə qarşı sücud eylər mələk, Səcdəyə inkar edər şeytanımız. Nunü eynin həq kitabıdır, vəli Surətin nəqşidürür Qur’anımız. Surəti-həqdir cəmalın, ey nigar, Uş nəbinin sözləri bürhanımız. Xızr əgər zülmətdə istər abını, Ləblərindir çeşmeyi-heyvanımız. Şol səfasız sufiyi gör kim, necə Dəm urar bimə’rifət heyvanımız. Favü zadü lamdır Fəzli-ilah, Fəzlinə qurban edəlim canımız. Hökmünə təslim olur canü könül, Ey vücudum təxtinə sultanımız! Ey Nəsimi, gövhərin xərc eyləmə, Olmayınca müştəri cananımız. * * * Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib" Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib", Ey bəşər surətli rəhman, vey mələksima həbib! Valehəm hüsnünə, ey mişkin saçından münfəil, Cənnətin bağında reyhan, sünbülün çiynində tib! Zülfü rüxsarındır ərrəhman-ələl-ərş-istiva, Kə’bənin mehrabı qaşın, fitnəli eynin xətib. Ənbərəfşan sünbülün əsrarı oldu aşikar, Gəldi ruhüllahü mənsux oldu zünnarü səlib. Surətin lövhindən endirdi kitabı Cəbrəil, Ey camalın həq kəlamı, innəhü-şey’ün-əcib. Aşiqin əsrarını, həqqi bilən arif bilir, Aşina halın nə bilsin nəfsini bilməz qərib. Kim ki, sevdasından oldu sayru şəhla gözlərin, Şərbəti şirin ləbindir, Isəvi nitqin təbib. Xubların eşqindən, ey zahid, məni mən’ eyləmə, Çün mana eşq eyləmiş qismət günündə həq nəsib. Ey ədib, uy vermə adabından əhli-vəhdətə, Əbsəm ol, niçün ki, eşq adabını bilməz ədib. Cənnəti-ədnin gülüstanı rüxündür, şək deyil, Ey gülüstanında ruhüllahi-rizvan əndəlib. Ey Nəsimi, çün rəfiqin Fəzl imiş, yə’ni ilah, Lütf ilə qəhr oldu vahid, həm həbib oldu rəqib. * * * Əcəb lə'linmi şol, ya cahi-əhbab? Əcəb lə’linmi şol, ya cani-əhbab? Əcəb zülfünmü, ya zənciri-pürtab? Gözümdən axan, ey dilbər, qəmindən Əcəb xunabəmi, ya əşki-innab? Əcəb qəddinmi şol, ya sərvi-bustan, Əcəb xəddinmi şol, ya vərdi-sirab? Əcəb eyninmi şol, ya sehri-Babil, Əcəb dişinmi şol, ya lö’löi-nab? Əcəb üzünmü şol, ya xirməni-gül, Əcəb qaşınmı şol, ya taqi-mehrab? Əcəb şol məsti-sevdayi-moğolçin, Mənim bəxtimmidir, ya çeşmi-pürxab? Nəsiminin gözü yarın qəmindən Dürün dürcümidir, ya bəhri-simab? * * * Əcaba, bu huri üzlü məhi-bədr, ya pərimi Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi? Boyu sərvi-bustani, yanağı güli-tərimi? Ləbi-canfəzayi-lə’lin urar abi-Xızra tə’nə, Bu şəkər dodaqlı, yə’ni sözü şilə şəkkərimi? Düşərəm oda göricək bu mələknijad huri, Əcəba, bu Çin bütünün üzü nəqşi-azərimi? Gecələr gözü xəyalı götürər gözümə şəbxun, Bu gözü hərami cadu, qaşı yaylı çərimi? Gözü, qaşı, zülfü, xalı ki, iki cahanı aldı, Qamu bir əmiri-hüsnün sipəhivü ləşkərimi? Tökülür sözə gəlincə dürü lö’lö ləblərindən, Əcəb ol sədəf dəhanın dişi nəzmi-gövhərimi? Saçı ilə həmdəm olmuş bu şikəstədil Nəsimi, Gəl inanmaz isən uş gör dəmi mişki-ənbərimi. * * * Əhdə vəfa eylədi yari-vəfadarımız Əhdə vəfa eylədi yari-vəfadarımız, Yar ilə gör kim, necə düşdü əcəb karımız. Eşqi-cəmalın məni kəndüdə məhv eylədi, Oldu tamam uşbu gün eşq ilə bazarımız. Qəmzələrin sirrini canda dedim saxlayım, Daşrə buraxdı könül pərdədən əsrarımız. Eşqə əlac istəmə, dərdinə səbr eylə, dur, Gör ki, nə dərman qılır yari-dilazarımız. Kim ki, səni sevmədi, eşqinə can vermədi, Yoxdur anın həqqinə zərrəcə iqrarımız. Zahid əgər aşiqə münkir olur, qəm degil, Həq bizə oldu əyan, qalmadı inkarımız. Əhdə vəfa eyləgil, ta deməsin müddəi, Qövlü qərar üstünə durmadı dildarımız. Batinə kar eylədi eşqi-rüxün şoylə kim, Tə’nə urar altunun rənginə rüxsarımız. Gərçi Nəsimi sözün dadını verdi, vəli Dadə gətirdi anı ləfzi-şəkərbarımız. * * * Ənbərin zülfün, nigara, bağladı divanəni Ənbərin zülfün, nigara, bağladı divanəni, Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni. Ey üzün qədrü cəmalın rəhmətən lil-aləmin, Məscidə varman bu gün, arzulaman meyxanəni. Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs, Aşiqə sun arifanə, saqiya, peymanəni. Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək, Gərçi məndən eşidərsən şeyx həm mövlanəni. Ey Nəsimi, satmagil sən cahilə dürri-ədən, Cahilü nadan nə bilsin qiyməti-dürdanəni. * * * Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz, Cəmilə olmayan vasil cəmalın qədrini bilməz. Şəbi-əsradə qövseynin iki nisf eylədi ayı, Bu mö’cüzdən olan qafil hilalın qədrini bilməz. Xəyalından gözün hər kim, buraxdı özgə mənzurə, Bu mə’nidəndir, ey can kim, xəyalın qədrini bilməz. Dodağın səlsəbilindən xəbərdar olmayan qafil, Anın mahiyyəti oddur, zülalın qədrini bilməz. Müdəvvər nöqteyi-xalın bəbəktək eynə qondurdum, Bəbəksiz qalsın ol göz kim, bu xalın qədrini bilməz. Kəlamüllahə, ey dilbər, ki boyun gərçi dal oldu, Hər əyri baxanın eyni bu dalın qədrini bilməz. Üzündür şəksiz allahın yəmini, Kə’bəsi, beyti, Yəmini bilməyən, bil kim, şimalın qədrini bilməz. Nihalın e’tidalından utanır sidrəvü tuba, Bu qəddi bənzədən sərvə nihalın qədrini bilməz. Günəş mahın təmamindən zəvalə hər gün uğrar, çün Nədən şol afitabi-bizəvalın qədrini bilməz. Nəsimi sufə dəgşirməz qəmindən geydigi şalı Kim, ol sufi səfasızdır, bu şalın qədrini bilməz. * * * Firqət içində yanıram, dərdimə eylə çarə gəl Firqət içində yanıram, dərdimə eylə çarə gəl, Yaralu oldu, üştə gör, bağrım içində yarə gəl. Səbrimi qarət eylədi, qapdı qərarımı qəmin, Necə cəfayı gör qəmin qıldı bu biqərara gəl. Qəmdən əgərçi firqətin min çəri çəkdi üstümə, Sən mana bəssən, ey sənəm, qorxmavü yeksüvarə gəl. Düşdügüm ayru səndən uş yanar od oldu canıma, Ey gözümün çırağı, sən yaxma məni bu narə gəl. Zülfü rüxün vüsalına susamış, ey qəmər, gözüm, Ey qəmərin qatında yüz ay ilə gün, sitarə gəl. Möhnət içində qərqəyəm firqətinə ulaşalı, Çək, sənəma, bu vərtədən zovrəqimi kənarə gəl. Məndən ayırma vəslini necə ki, şad olur ədu, Yürəgini ədulərin yaralu eylə, yarə gəl. Düşmüşəm ahü naləyə səndən olalı ayrı mən, Görmə rəva bu halımı, qoyma bu rəsmü karə gəl. Müntəzir oldu vəslinə həsrətü dərdi çox könül, Xoş degil, anı yandırıb və’dəvü intizarə gəl. Canım içində gözlərəm mehrini ol saçın kimi, Şövqi-rüxündən, ey pəri, pərdəsi oldu parə gəl. Canü təni Nəsiminin sənsənü səndən özgə yox, Var isə səndən özgə gər, can ilə təndə arə gəl. * * * Firqət içində yürəgim gör ki, nə parə-parədir Firqət içində yürəgim gör ki, nə parə-parədir, Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir. Qəmdə yanan bu aşiqə lütfü inayət eyləgil, Ey büt, əgərçi yürəgin mərmərü səngi-xarədir. Lə’li-ləbin hədisini eşidəlidən, ey sənəm, Səcdə edər mələk kimi, səcdəsi qüdsi-narədir. Mən bu təriqü vəch ilə cövrü cəfadan usandım, Çünki həmişə yarımın cövrü cəfası yarədir. Yaralı eylədi məni cür’əsi ağulu qəmin, Yaralı qoyma yarını, dərdinə gör nə çarədir? Nazü itabü işvəsi yaxdı məni fəraqilə, Daim onunla aşiqin işi bu rəsmü karədir. Ayü günü nə vəch ilə üzünə nisbət eyləyim, Hüsni-rüxün qatında çün ay ilə gün sitarədir. Zərqü riyavü sufilik zərrəcə assi eyləməz, Şol kişiyə ki, rəğbəti ol meyi-bixumarədir. Hüsnünə aşiq eylədi, canımı yandırar qəmin, Gör ki, nə ftitnələr qılur ol ki, bu hüsni-yarədir. Zövrəqinin məhəbbətin dənizinə buraxmışam, Gəl çək anı kənara kim, meyli anın kənarədir. Zülfü tozundan oldu çün canü təni Nəsiminin, Əslinə qaruşur yenə, ric’əti şol qubarədir. * * * Firqətin dərdi, nigara, bağrımı qan eylədi Firqətin dərdi, nigara, bağrımı qan eylədi, Ruzigar oldu müxalif, vəsli hicran eylədi. Canımı, yə’ni vüsalından kim, ayırdı fələk, Gəl bu cansız aşiqi gör kim, nə bican eylədi. Bağrımın qanın gözümdən axıdar hər dəm qəmin, Ey sənəm, şövqün məni gör kim, nə giryan eylədi. Dərdimin dərmanını fəzlindən Allah eyləyə, Hər dəvasız dərdə çün oldur ki, dərman eylədi. Sirri-eşqin gəncimiş, anın yeri viranədir, Yıxdı eşqin könlümü, ol gənci viran eylədi. Səndən ayru düşdügüm məndən degil, təqdirimiş, Həqdir, ey can, hər nə kim, təqdiri-yəzdan eylədi. Canını verdi Nəsimi çün saçın zəncirinə, Neçin anın məskənin zəncirü zindan eylədi? * * * Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl! Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl! Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl! Canımın vəslinlə həqdən ittisalı var ikən, Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl! Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar, Şol səbəbdən könlümün halı pərişan oldu, gəl! Gərçi məndən surətin qaibdir, ey huricamal, Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl! Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim, Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl! Səndən ayrı düşdügüm ağulər içirdi mana, Vüslətin tiryakı qanı, vəqti-ehsan oldu, gəl! Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını, Susamış müştaqə lə’lin abi-heyvan oldu, gəl! Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün, Əndəlibin gözlərin gör kim, nə giryan oldu, gəl! Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana, Öz nigarından cüda zəncirü zindan oldu, gəl! * * * Firqətin yandırdı bağrımı, yürəgim qan oldu, gəl! Firqətin yandırdı bağrım, yürəgim qan oldu, gəl! Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl! Dünyanın nazü-nəimi, bağü-bustanı mana Sənsiz, ey sultani-xuban, bəndü zindan oldu, gəl! Istədi lə’lin fərağı canımı yaxmaq, vəli Şövqə yanmış cana vəslin abi-heyvan oldu, gəl! Ol könül ki, daima işi səninlə vəsl idi, Yandı şövqündən, əsiri-dərdü hicran oldu, gəl! Canımın canı vüsalındır, vüsalından anı Ta kim, ayırdı fələk, biçarə bican oldu, gəl! Aşiqin bağü-gülüstanı üzün gülzarıdır, Qanğı gülzarın adı gülsüz gülüstan oldu, gəl! Mö’cüzatından yanağun, möhkəmatından saçın, Xarü xaşakı cahanın vərdü-reyhan oldu, gəl! Bəhri-bipayana şövqün canımı qərq eylədi, Gör nə bidad eylədi hicrin, nə tufan oldu, gəl! Cənnətin səhnində tuba valehü aşüftəhal, Qamətin hüsnilə, ey sərvim, xuraman oldu, gəl! Ta məni təqdiri-yəzdan eylədi səndən cüda, Könlümün halı pərişan, didə giryan oldu, gəl! Çün Nəsimi səndən ayrı bildi kim, yoxdur vücud, Küfrü iman, vəslü-hicran cümlə yeksan oldu, gəl! * * * Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl! Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl! Qıl kimi cismim mənim əz dərdi-hicran oldu, gəl! Ta ki, sən getdin, mən oldum dərdiməndi-müstəmənd, Dərdimə görklü camalın cana dərman oldu, gəl! Qalmadı çeşmimdə nəm əzbəs ki, ağlarmən müdam, Didəmin yaşı qurumaz, bəhri-ümman oldu, gəl! Yoluna baş qoymuşam zarü nizarü xəstədil, Ey təbibim, gəl ki, cismimdən cüda can oldu, gəl. Firqətindən uş Nəsimi dəmbədəm qılır fəğan, Ölürəm hicran qəmindən, cigərim qan oldu, gəl! * * * Gə, gə, gə, gəl ki, seviram sə, sə, sə, sən mehi-Çini Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini, Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini. Dü, dü, dü, dür təki dilər, ve, ve, ve, verdi sana həqq, Sə, sə, sə, səvsə gərəkdir di, di, di, dişləri sini. Sö, sö, sö, sözlərin elə şə, şə, şə, şəkkəri kəsad, Gö, gö, gö, gözlərin elər se, se, se, sehri mübini. A, a, a, al ki, yeridir kö, kö, kö, könlümü mənim, Sa, sa, sa, sal ki, yeridir zü, zü, zü, zülfunə çini. Qa, qa, qa, qalmışam axır a, a, a, ahilə sayur, No, no, no, nola ki, sorsan za, za, za, zari-həzini. Yü, yü, yü, yüzünü gördüm a, a, a, ayə sataşdım, Ne, ne, ne, necə ürəkdir qa, qa, qa, qalmaya çəni. Xə, xə, xə, xəstə Nəsimi sö, sö, sö, söyləyən oldum, Ne, ne, ne, neylərəm axır dü, dü, dü, dürri-səmini. * * * Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm, Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm. Qara qaşın hilalını gözümdən ta bəid etdin, Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm. Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana, Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm. Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş, Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm! Nə gövhərsən, əya can kim, cahanın bəhrü-kanında Mükərrəm qədrü-qiymətli səni bildi gühər könlüm. Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar, Bu rənci-möhnəti gör kim, qəm ucundan çəkər könlüm. Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh, Vəli naseh dəvasından olur hərdəm betər könlüm. Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma Ki, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm. Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eylə Ki, vəslinlə müdam olmaq dilər şamü-səhər könlüm. Gəl ara könlümün için, gör, ey can kim, fəraqından, Nə acı qüssələr yudar, nə ağular içər könlüm. Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz, Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm? Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı, Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm. Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz, Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm. Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün, Ilahi surətin daim bu mə’nidən sevər könlüm. Nəsimi yarını verməz cahanın varına, andan Keç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm. * * * Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz, Odundan acı hicranın su oldum, axaram sənsiz. Xəyalın gəlmiş, ey huri, gözüm qarşısına durmuş, Fəraqindən yanır bağrım, xəyala baxaram sənsiz. İki aləmdə məqsudum vüsalinə irişməkdir, Zəmirim, niyyətim oldur, qaçan fal açaram sənsiz. Amansız firqətin hər dəm bu viran könlümün şəhrin Əsasi-rəsmini yıxar, netəkim yaparam sənsiz. Sulu inculərin şövqi gözümdən axıdar yaşı, Bu lö’lö mə’dənindən gör nə mərcan saçaram sənsiz. Gəl, ey məhbubi-ruhani ki, hər dəm boynuma qəmdən Fəraqin, həsrətin, şövqin ipini taxaram sənsiz. Nəsimi canını eşqin yolunda eylədi qurban, Anın adın bu mə’nidən qan ilə yazaram sənsiz. * * * Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə, Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə. Hər qanda kim, şərh eyləsəm şirin dodağın qəndini, Ərvah üşər sinək kimi ol dadlı şəkkərxəndinə. Şəhla gözün məndən könül aldıvü and içər ki, bu Kəffarət olsun canü dil ol gerçəgin sövgəndinə. Mişkin saçın məndən məni kəsdivü peyvənd eylədi, Təhsin anın təqtiinə, rəhmət anın peyvəndinə. Zülf ilə qaşı qarədir, sərvi-xüraman dilbərin, Qaşlarına qurban olam, ya türreyi-dilbəndinə? Ey vaiz, əbsəm ol, mana tamatını ərz eyləmə, Mən aşiq oldum, girməzəm hər qissəxanın pəndinə. Ey eşqə inkar eyləyən, çunü çəravü çəndi qoy, Niçin düşərsən aşiqin çunü çəravü çəndinə? Zülfü kəməndindən könül qurtulmaz ayruq şoylə bil, Sevdasinə bel bağlamış, həm göz qaratmış bəndinə. Çün şəhriyarın şəhrinə bu gün Nəsimidir məlik, Buyruq anındır, hökm anın həm şəhrinə, həm kəndinə * * * Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı, Zar eylədi fəraqi-rüxün laləzarımı. Yarəb, zəmanə həqqinə mən neylədim kim, ol Məndən cəfavü cövr ilə ayırdı yarımı? Yaxdı fəraqın, ey güli-xəndan, məni oda, Gəlgil, söndür abi-vüsalinlə narımı. Vəslin şikarım olmuş ikən bəxti-sə’dilən, Qaçırdı hasidin gözü məndən şikarimi. Nəqşü nigarı gör fələkin kim, nə nəqş ilə Nəqş eylədivü qapdı əlimdən nigarımı. Mənsuri-eşqə axirətin darı oldu dar, Ol dara gəl ki, ta görəsən anda darımı. Düşdüm ləbi vüsali-meyindən xümarına, Gəlgil həm ol şərab ilə dəf et xümarımı. Şövqün qışından ağlayıcı küz tökər yaşın, Vəslin gününə döndərü güldür baharımı. Ey latə tapıcı, səni eyb etməzəm, nədən, Kim, görməmişsən ol sənəmi-gülüzarimi. Sən yarı qılmışam iki aləmdə ixtiyar, Məndən kim ayruq ala bilir ixtiyarımı. Xalü xətin şümarını gəl sor Nəsimiyə, Ta sən hesabını biləsən, mən şümarımı. * * * Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz, Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz. Gülzarə, sərvə könlüm meyl eyləməz anunçün, Qəddindən özgə, ey can, sərvi-cinan gərəkməz. Şol binişani buldum, anın nişanı oldum, Üzün görənə ayruq namü nişan gərəkməz. Gördüm səni gümansız hər dilbərin üzündə, Həqqül-yəqin görənə zənnü güman gərəkməz. Çün vasil oldun, ey can, bizimləsən cahanda, Olduq vüsalə qane, kövnü məkan gərəkməz. Mişkin saçına çün kim, verdim iki cahanı, Assiyə uğrayana qılca ziyan gərəkməz. Qaşınla kirpiyin çün seyd eylədi cahanı, Səyyad olana ayruq tirü kəman gərəkməz. Şirin ləbin meyindən çün əsridi Nəsimi, Faş oldu sirri-pünhan, şərhü bəyan gərəkməz. * * * Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm, Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm. Vəsli-rüxün zülalına susadım, üştə yanıram, Gözümə baxü gör necə abi-zülal içindəyəm. Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır, Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm. Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli Vəsl irişincə canıma, hüznü məlal içindəyəm. Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş, Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm. Talevü bəxt yıldızım kövkəbi-nəhsə uğradı, Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm. Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın, Məndən anı kim ayıra, fikri-məhal içindəyəm. Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış, Münkir ilə bu mə’nidən qiyl ilə qal içindəyəm. Surətü qaşü alnına verdi Nəsimi könlünü, Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm * * * Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər Getir, gətir, gətir ol kaseyi rəvanpərvər, Götür, götür, götür ol çəngi, bir nəva göstər. yerim, verim, verim öz canımı mən ol yarə, Öpüm, öpüm, öpüm ol ləli şəhdilə şəkkər. Ləbin, ləbin, ləbinizdən əqiq ləlilə mat, Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər. Sözün, sözün, sözünüzdən utandı qəndü nəbat, Üzün, üzün, üzünüzdən tutulu şəmsü qəmər. Məni, məni, məni qəmzə oxilə öldürdü! Sənin, sənin, sənin ol cadu gözlərin yeksər. Saçın, saçın, saçınızdan Xətayi müşk xəcil, Qaşın, qaşın, qaşınızdan bu kirpiyinlə cigər. Yəqin, yəqin, yəqinindən Nəsimiyə bilgil, Həbib, həbib, bu həbibdir ki, dildə şol söylər. * * * Görün ki, bəhri-məani nə qəsdi-can eylər Görün ki, bəhri-məani nə qəsdi-can eylər, Sifati-surəti-rəhmani xoş bəyan eylər. Qaşın, gözün nəzəri, bil yəqin ki, həqdəndir, Həqin nəzərgəhi bilgil nə tərcüman eylər. Təriqət ər dilər isən həqiqətə başla, Həqə könül vericək eşq ona nişan eylər. Bu gənci-vəhdətə gir gör sifati-ləmyəzəli Ki, kafü nuna irişən özün əyan eylər. Əyan gözün aça gör, yarı bigüman görgil, Ki, yarı görücügəz çox səna bəyan eylər. Hədisi-eşqü məhəbbət vücud içində gəlir Ki, nunü vəl-qələmin sirrini əyan eylər. Gəl, ey Nəsimiyi-sərgəştə, canı tərk eylə Ki, can qəfəsdən uçar, əzmi-cavidan eylər. * * * Gördüm camalın şəmini rövşən, məhi-taban budur Gördüm camalın şəm’ini rövşən, məhi-taban budur, Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur. Xızrın həyatı gör necə zülmətdə zahir oldu kim, Kövsər ləbindir aşiqə, can ilə həm canan budur. Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri, Hüsni-camalın görməgə, hurü mələk, insan budur. Aşiqlərin rizvanı çün hüsni-rüxündür, ey sənəm, Ol aşiqi görmə əcəb kim, rövzeyi-rizvan budur. Zərq əhlidir, yarəb, şəqi kim, tutmamış həq sözünü, Qılmadı səcdə adəmə, gör kim, bu gün şeytan budur. Səb’ülməsanidir üzün, inna fətəhnadır xətin, Əlhəmdülillah, dür dişin, gör mə’dəni-hər kan budur. Gülbərgi əkdim zülfünə, dağıldı üzün üstünə, Gül bərgidir bu yasəmən, xalın güli-reyhan, budur. Qıldı Nəsimi qibləsin şol qaşları mehrabına, Qövli-Nəsimidir yəqin, ol həq deyən fərman budur. * * * Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır, Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır. Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin, Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır. Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdi Ki, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır. Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içi Səba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır. Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı, Ləbi-lə’lindən afaqı həyatın abına qandır. Rüxün şəm’i fəraqından könül pərvanətək yandı, Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır. Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə, Rüxün bədrin əyan eylə, üzündən anı utandır. Camalın vəslinə canım susadı, yürəgim yandı, Könül hicrindən usandı, məni hicrindən usandır. Xəyalın gərçi şad eylər məni hər gah, gah amma, Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır. Fərağından axan yaşım məni qərq eylədi suya, Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır. Nəsimidən cüda yarı qılan həqdən cüda olsun Ki, yarından cüda yarı qılan bidinü imandır. * * * Götür niqabını xəlqə görün, ey şəmsü qəmər Götür niqabını xəlqə görün, ey şəmsü qəmər, Görüb utana ləbindən nabatü şəhdü şəkər. Gözünü nərgisə kimdir ki, bənzədir, yarəb, O qafil bixəbər gör kim, necə qıldı nəzər. Əbirü ənbər utandı camalını gördü, Saçın xəyalına irməz məşami-badi-səhər. Əzəl günündə oxudum üzündə uş taha, Bu rəmzi kim, anı heç kimsə verməmişdi xəbər. Səni bu lütf ilə kimdir deyən ki, ey dilbər, Bu surət ilə sana kim dedi ki, üştə bəşər? Əzəldə düşdü camalın təcəllisi Tura, Ya Musa, anı mana sor ki, yandı nara şəcər. Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bil Ki, həq ilə yerü göy dopdoludur bəhr ilə bər. Hur ilə insü mələk bəndə oldu cümlə sana, Bu hüsnə aşiq olmayanın adı oldu həcər. Qələndər ilə təcrid, fəna – üçü birdir, Nə qəm, bu üçünə aləm olursa zirü zəbər. Irişdi mö’cüzü həqqin Nəsimiyə çünkim, Anın üçün ki, ana həq dedilər əhli-nəzər. * * * Güli-tərdən gülicək, arizinə ma tökülür Güli-tərdən gülicək, arizinə ma’ tökülür, Bağa gir, gör ki, necə laleyi-həmra tökülür. Ənbərin sünbülünə badi-səba kim, iricək, Qoymağıl titrəməgə, ənbəri-sara tökülür. Qara saçın ucunu salma ayağına, götür, Heyf olur nafeyi-tatara ki, hər ca tökülür. Ləblərindən varalı Misrə xəbər, əttarın, Qutusundan dünü gün qənd ilə halva tökülür. Aləmin başına tabəndə üzün şəm’indən, Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür. Necə nömid olayım, çün gözümün əbrindən, Qətrə-qətrə üzümə hər yana dərya tökülür. Sədəfin gərçi dəhanı doludur inci ilə, Açıcaq ləblərini, lö’löi-lala tökülür. Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm, Qələmin dili ucundan qamu sevda tökülür. Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın, Gözlərindən dünü gün lə’li-müsəffa tökülür. * * * Gülşəni-firdövs edər can bağrını vəsli-həbib Gülşəni-firdövs edər can bağrını vəsli-həbib, Atəşi-duzəx qılır həm möhnəti-cövri-rəqib. Dərdimin dərmanına heç kimsə bilməz çün əlac, Yaridən özgə nə çarə, söyləgil sən, ey təbib. Çün bəlavü qüssədən xali deyil könlüm, vəli Mən gədavü kəmtərə artıqdurur hər dəm nəsib. Rəhm edər şol gözlərin hər qanda bir üftadə var, Mən fəqirəm, mən həqirəm, cümlədən miskin, qərib. Gər görər vaiz üzünü, dəmbədəm eylər fəğan, Oda yaxar mənbərini, görsə ani həm xətib. Gül üzünə aşiq olub qanda bir üşşaq var, Xoş nəvayi-saz edər daim nəvayi-əndəlib. Hacəti vəsl oldu hüsnündən Nəsimi müşküli, Sübhdəm irdi, gətirdi ol səba xoş buyü tib. * * * Getmege əzm eyləmişsən, ey dilaram, eyləmə Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə! Həsbətənlillah, məni bisəbrü aram eyləmə! Daneyi-mişkin xalın könlümü çün seyd eylədi, Bu tutulmuş seydə, şahim, zülfünü dam eyləmə! Sünbülü bərgi-gül üzrə, ey pəri, dağıtma kim, Bunca könlü yanmışın sevdasını xam eyləmə! Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın, Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə! Rindü qəllaşəm, mənə zahid demə, ey müttəqi, Laübali aşiqi aləmdə bədnam eyləmə! Eşqini tərk etmək istər könlüm, amma çin degil, Ya ilahi, kimsəyi sən bisərəncam eyləmə! Çeşmeyi-lə’lin suyundan bir qədəh sun, saqiya, İştiyaqından Nəsimi gözlərin cam eyləmə! * * * Həbiba, firqətin saldı məlalə Həbiba, firqətin saldı məlalə, Kabab oldu ürəgim həmçü lalə. Nəsib olmuş mənə həqdən, nigara, Dilimdə gecə-gündüz ahü nalə. Qaşın mehrabinə qıldım sücudi, Vəli münkir olan düşdü zəlalə. Rəqibin olmasın məqsudu hasil, Əliftək qəddimi ol saldı dalə. Boyun tuba, ləbindir abi-kövsər, Yüzün tə’nə qılır şəmsü hilalə. Mən ol qəvvas təki can tərkin etdim, Sənin çöhrəndəki ol xəttü xalə. Yer ilə göy bina olmazdan əqdəm Nəsimi aşiq idi ol cəmalə. * * * Həbibim, izzətim, canım, cahanım Həbibim, izzətim, canım, cahanım, Rəfiqim, munisim, arami-canım. Sənubərqədli dildarım, təbibim, Yetir didarına ruhi-rəvanım. Ki, can quşu uçar bir gün qəfəsdən, Qalır firqət içində mehri-canım. Fəraqın dərdi çoxdur, deyə bilmən, Əgər dersəm qalır heyran cavanım. Qatımdan getməz oldu nari-hicran, Çəkə bilməm, nedim arami-canım? Xumari-mehriniz göydürdü canı, Yetir şərbət vüsalından nəhanım. Nəsimi çəkdi qəm anəstünarən, Odu issi nə qılsın natəvanım? * * * Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə, Yetişmədi Musa kimi anəstünarın narinə. Yarın liqasın istəgil, canını vergil vəslinə Kim, şol nigara, çox degil, sən qalma dünya varinə. Qalü bəladə yar ilə qövlü çü qıldın, ey könül, Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə. Yarəb, nə şəm’in nuridir gülgün yanağın, ey qəmər, Kim, noh fələk pərvanədir şol surətin ənvarinə. Çün dünya cifədir dedi həqqin rəsulu, talibi, Çün kəlb imiş, gəl fariğ ol, baxma anın murdarinə. Ol dilbərin yolunda tərk etdi Nəsimi canını, Bil çox deyil canü cahan gər tərk edərsə yarinə. * * * Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz, Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz. “Üşşaq” meyindən qılalı işrəti-”Novruz”, Ta “Rast” gələ çəngi-”Hüseyni”də sərəfraz. Ba “Çargahi” lütf qıl, ey hüsnü “Büzürgi”, “Kuçik” dəhənindən bizə, ey dilbəri-”Tənnaz”. “Zəngulə” sifət nalə qılam zar “Segaha”, Çün əzmi-”Hicaz” eyləyə məhbubi-xoşavaz. Ahəngi-”Sifahan” qılır ol nami-”Əraqi”, “Rəhavi” yolunda yenə canım qıla pərvaz. Könlümü “Hisar” eylədi ol ruhi-”Mübarğə”, Gəl olma “Müxalif” bizə, ey dilbəri-”Şahnaz”. Çun “Şurə” gəlib eşq sözün qıla Nəsimi, Şövqündən anın cuşa gəlir Sə’diyi-Şiraz. * * * Hüsnün təalə şanəhü sünində heyran olmuşam Hüsnün təala şanəhü sünində heyran olmuşam, Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam. Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi, Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam. Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin, Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam. Simin əlin dəstan ilə ta könlümü seyd eylədi, Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam. Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi, Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam. Kə’bə üzündür canıma, eşq ilə məscudam ana, Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam. Bəndə Nəsimi görəli nuri-xuda üzündə mən Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam. * * * Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir, Üzün cahan içində bimislü bibədəldir. Eşqin əsası, ey can, qabil degil zavala, Neçin ki, mülki-hüsnün mülki-bilaxələldir. Ey hikmətin rəisi, mə’lulü illəti qoy, Əvvəl bu cövhəri bil kim, məbdəi-iləldir. Cənnətdə gərçi həqdən balü mey oldu və’də, Lə’lin gərək mana kim, həm meyü həm əsəldir. Ey badeyi-səqahüm lə’li-ləbin şərabı, Ikrah edən bu meydən içdigi əkşi xəldir. Mehrin odunda şol kim, pak olmadıvü xalis, Qəlbi qəşidir anın, üzü qara zəğəldir. Ey səndən ayrı könlüm, vəhşi iki cahanda, Eynin əcəb qəzalə, hüsnün əcəb qəzəldir. Can ilə həm cahanı tərh etməyən bu yolda, Dünyavü axirətdə bielmü biəməldir. Sən canü cümlə aləm işbah imiş məsəldə: Cansız bədən dirilməz, gör kim, bu nə məsəldir. Ənbərfəşan saçınla şol günü bulmuşam ki, Aləmdə adı anın la-ibtida əzəldir. Çün aləmin Nəsimi qurtuldu kəsrətindən, Vəhdət kimi bəqası bimüddəti-əcəldir. * * * Hüsnünə heyran durur hurü mələk Hüsnünə heyran durur hurü mələk, Eşqinə sərgəştədir daim fələk. Vüslətin mana müyəssər olmadı, Netəkim yolunda çəkdim çox əmək. Mən qula rəhm et, şəha, çox gəz dedim, Keçmədi tapın qatında bir dilək. Həsrətindən qəm yerisəm mən nola, Aşiqin daim işidir qəm yemək. Şol şəkərdildən rəvamıdır, şəha, Mən mühübbə sən acı söz söyləmək. Gözlərimin bəhrinə qərq olmuşam, Netəkim seyr edərəm misli-səmək. Ey Nəsimi, aqibət varır yelə, Bivəfa ilə yeyən nanü nəmək. * * * Hüsnünə sübhanəkü kim ki, şəhid olmadı Hüsnünə sübhanəhü kim ki, şəhid olmadı, Talevü bəxti anın bil ki, səid olmadı. Sidq ilə hər kimsə kim, tutmadı eşqin yolun, Salikü abid degil, şeyxi-rəşid olmadı. Həmdü sipas eylərəm hüsnünə, ey bibədəl, Hüsnünə həmd eyləyən qeyrə həmid olmadı. Surəti-rəhmanı bil, tanı anın ərşini, Bilməyən ol surəti, ərşi-məcid olmadı. Üzünə, ey nuri-həq, səcdə qılan ta əbəd, Adı mələkdir anın, divi-pəlid olmadı. Səltənətin zövqünü arifə sor kim bilir, Ismi məlik, əbdüküm eşqə əbid olmadı. Kəşfü kəramətinə mənzələti-övliya, Bulmiyəsər, hər kim ol eşqə mürid olmadı. Hər gecəsi, hər günü qədr ilə bayram olur, Vəslinə hər kim qərib oldu, bəid olmadı. Nəhnü qəsəmnada həq hər nə ki, qism eylədi, Zərrəcə ol qisminə nəqsü məzid olmadı. Gərçi saçın vəslidir zilli-mədid, ey günəş, Zahidə şol cənnətin zilli mədid olmadı. Uğramadı hüsnünün atəşi şol cana kim, Şol günəşin tabına cismi qədid olmadı. İnnə-əzabin-şədid ayəti hicran imiş, Şiddəti-hicran qaçan sə’bü şədid olmadı? Sən ki, həqdən özünü ayrı sanırsan, məgər Səndə üsul ayəti həbli-vərid olmadı? Kim ki, Nəsimi kimi vahidü fərd olmadı, Vahidi-mütləq degil, zati-vəhid olmadı. * * * Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz, Ta ki, görə bu səcdəyi narə yana həsudumuz. Şəm’i-rüxün hərarəti yandırır, ey qəmər, bizi, Uşbu cəhətdən oldu kim, göylərə çıxdı dudumuz. Canımızı buraxmışız atəşi-eşqə ud kimi, Ta ki, səfavü zövq ilə eşqinə yana udumuz. Zülfü qaşınla kirpigin müshəfimizdir, oxuruz, Ey dilimizdə cümlə sən, göftümüzü şənudumuz. Zülfü rüxün hesabinə düşmüşüz üştə sayıruz, Kim nə bilir bu üqdəyi kim, necədir üqudumuz. Möhbətimiz sifati çün zati-qədimi-fərd imiş, Vahidi-bizəvalədir mərcə ilə süudumuz. Qaziyə nəsnə verməriz rüşvət içün bu də’vidə, Qaziyi-həq qatında çün adil imiş şühudumuz. Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər, Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz. Surəti-xəttü xalinə sacidü abid olmayan, Millətimizdə oldurur müşrikimiz, yəhudumuz. Maü məindən, ey fəqih, əsrəyübən iki demə, Çünki yeganədəndürür varid ilə vürudumuz. Düşmən üçün Nəsimiya, olma məlul, qəm yemə, Oldu əzəl günündə çün Fəzli-əbəd vüdudumuz. * * * Kim aydır kim, üzün gülnara bənzər Kim aydır kim, üzün gülnara bənzər? Ki, üzün nurəvü gül nara bənzər. Yanağın cənnətin xəndan gülüdür, Vəli anın fəraqı xara bənzər. Süzülmüş gözlərin sağü səlamət, Vəleykin baxışı bimara bənzər. Saçın buyu Məsihanın dəmidir, Kim aydır nafeyi-tatara bənzər? Nə gündür, yarəb, ey dilbər, camalın Ki, axşamı anın ənvara bənzər. Sana bənzər cahanda kimsə yoxdur, Məgər huri kim, ol bir para bənzər. Saçın əsrarını zahid nə bilsin Ki, təsbihi anın zünnara bənzər. Əgərçi qaşlarındır fitnə başı, Hərami gözlərin əyyara bənzər. Fəqih adəmdən ürkər, səcdə qılmaz, Bu divin xilqəti əmmara bənzər. Gəl ey sufi vü tərk eylə bu sehri Ki, Musanın əsası mara bənzər. Günəş bənzər dedim, şol aya, heyhat, Qaçan şol maha hər səyyarə bənzər? * * * Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşq Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq, Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq. Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi, Halıma həmdəm olandan dünyada sevdayi-eşq. Qalmadı namusü namım eşq içində zərrəcə, Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq. Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam, Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq. Sən humayun laməkansan, kəndözündən bixəbər, Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq. Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et, Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq. Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf, Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq. * * * Könlümün viranəsində gənci-pünhan bulmuşam Könlümün viranəsində gənci-pünhan bulmuşam, Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam. Eşq dərdindən qaçan könlüm usana, çünki mən Dilbərin dərdində hər dəm bunca dərman bulmuşam. Küfr əgər iman deyilsə pəs niçün düşmüş ki, mən Küfri-zülfün həlqəsində nuri-iman bulmuşam? Xızr əgər zülmata vardı, istədi abi-həyat, Mən dodağın çeşməsində abi-heyvan bulmuşam. Dişlərin əksi, nigara, könlümə nəqş olalı, Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam. Rövzeyi-rizvanə də’vət qılma, ey zahid, məni, Çün mən ol dərgahdan səhni-gülüstan bulmuşam. Ey Nəsimi, canımı şol qaşa qurban eylədim, Gör nə gögçək şol hilali-yayə qurban bulmuşam. * * * Könlümdə mənim eşqi-camalın əzəlidir Könlümdə mənim eşqi-camalın əzəlidir, Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir. Nəfsini biləndir ki, yəqin rəbbini bildi, Həqdən bu məqamata irən bil ki, vəlidir. Nəfsini bilən bil ki, həqi bildi həqiqət, Inkarına bel bağlama kim, qövli-Əlidir. Ey üzü turuş xəl kimi zahid, meyə sun kim, Safi ləbinin dadlu şərabı əsəlidir. Ey yarını dünyayavü üqbaya verən, gəl, Bul nəsnəyi dünyada ki, yarın bədəlidir. Endirmədi baş əhsəni-təqvimə əzazil, Anı buraxan lə’nətə, anın cədəlidir. Idrak edəməz surətini görməyən ə’ma, Şol mə’niyi kim, hüsni-camalında cəlidir. Saf olmayan altun kimi mehrinlə cahanda, Şol üzüqara qəlb imiş, adı zəğəlidir. Ey yara fəda eyləmyən canını aşiq, Mə’şuqdan uy vermə ki, eşqin əməlidir. Aşiqlərinin qanına bandırdı əlin dost, Şol qana girən daim anın simin əlidir. Çün buldu Nəsimi əbədi ömr saçından, Şol dirliyi neylər ki, zamani-əcəlidir. * * * Könül sarayına mehri buraxdı ta tabi Könül sarayına mehri buraxdı ta tabi, Gözümdən oğru xəyalın oğurladı xabı. Cigər damarı gözündən yol eyləmiş çeşmə, Bu babdən cigəridir bu çeşmənin abı. Müdam cami-ləbin həsrətindən axar yaş, Bəbəkləri qədəhindən şərabi-innabı. Gözüm səvadinə girmiş bənin kimi nəqşin, Qaranqudan necə bulmuş bu oğru ol babı? Cəmalını diləyən ayə iltifat etməz, Kim arzulaya günəşin qatında mehtabı? Şərabi-lə’linə saqi əcəb, nə qatmışdır Ki, bixud edərü mədhuş şeyx ilə şabı? Götür niqabı, cahanı cəmali-hüsn ilə dut Ki, bəylik etməyə cəm eyləmişdir əsbabı. Təbəssümə gəlicək gül kimi dodaqların, Ziyafətində qılır qərqə şəkkəri-nabı. Fəraqi-cövrünə qatlan, Nəsimi, gəl səbr et, Ola ki, açıla bir gün vüsal əbvabı. * * * Qara saçın ki, zülmatındadur nur Qara saçın ki, zülmatındadur nur, Anın adıdurur nurən-ə’lanur. Yanağından əyan oldu ənəlhəq, Qaçan surət olar güzgüdə məstur. Nəzirin yoxdur, ey dilbər, nəzirin, Zəhi sahibnəzər pakizəmənzur. Mana məqsud iki aləmdə sənsən Ki, sənsən cənnətü cənnətdəki hur. Nə meydən əsrimiş nərgislərin kim, Məni əndişəsindən qıldı məxmur. Nə müshəfdür ki, hüsnün ayətini Bəyan etdikcə əql andan düşər dur? Vüsalın cavidani səltənətdir, Bu dövlət olmadı hər şaha məqdur. Gəl, ey sultani-aləm, arif ol kim, Məlik mə’nidə arifdir, nə fəğfur. Əgər nuş istər isən nişə qatlan Ki, nuşu nişsiz verməz bu zənbur. Nə qeyrətli ənəlhəqdir bu, yarəb, Ki, Mənsuru asar darına mənsur. * * * Qaşın vəhyi bizə bürhan irişdi Qaşın vəhyi bizə bürhan irişdi, Üzündə tə’vili-fürqan irişdi. Üzündür həq kitabı-vəhyi-mürsəl, Zəhi dövlət sana həqdən irişdi. Qaşınla kirpigin Turun dağında Necə bir Musiyi-Imran irişdi. Aşiq öz dərdinə çün buldu dərman, Həzaran hikməti-Loğman irişdi. Necə bir hikmət ilə tökdü qanın, Neçənin dərdinə dərman irişdi. Fənayi-mütləq oldum eşq içində, Əzəldən çün tənə ol can irişdi. Itirmə Misrini sən, ey Nəsimi, Bu Misrə Yusifi-Kən’an irişdi. * * * Qibləgahımdır Əli Mən qulami xanədanam, padişahımdır Əli, Ehtiyacım var ona, püşdü-pənahımdır Əli, Könlümü qıldı münəvvər, merhimanımdır Əli, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. Gəldilər həqdən bəyanə sirri ağaz etdilər, Sözləriylə bu cahan mülkinə pərvaz etdilər, Həmdülillah biz gədanı məhrəmi raz etdilər, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. Ta əzəldən padişahımdır Həsən xülqi-riza, Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala, Nuri çeşmimdir İmam Zeynul-İbad, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. Canu dildən bəndəye Baqir qulami Cəfərəm, Museyi-Kazım, İmam Rzaya kəmtərəm, Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. Masəva tərk eyləyib bizləri diyari ləhlətə, Hakim onlardır bu gün layiqdir onlar hörmətə, Lah deyənlər uğrayırlar bu cahanda möhnətə, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. Cümləmiz arzu edənlər Əskəriyə əsgəriz, Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz, Həmdülillah eylə Ey Nəsimi, biz yolunu gözləriz, Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli. * * * Ləlin meyi-ələst idi cam olmadan hənuz Ləlin meyi-ələst idi cam olmadan hənuz, Xas idi söhbətim dəxi amm olmadan hənuz. Vermiş idim ana dilü dinü əqlü canımı, Zülfün kəməndi boynuma dam olmadan hənuz. Eşqin odu bişirmiş idi dürlü aşlarım, Sevdası könlümün dəxi xam olmadan hənuz. Didarını təcəllidə görmüşdü gözlərim, Musa ilə arada kəlam olmadan hənuz. Üzün qatında səcdəyi-nisbət qılır idim, Andan irəli xəlqə imam olmadan hənuz. Hüsni-rüxün kitabını xətm eyləmiş idim, Göydən rümuzi-vəhy tamam olmadan hənuz. Şol tifl kimi canıma vəslin qida idi, Fitrət günündə vəchi-izam olmadan hənuz. Rizvan idim əzəl günü ol rövzəyi görüb, Hurü behiştü dari-səlam olmadan hənuz. Mən mərifət kəlamini nəzm eyləmiş idim, Əşarü nəzmü nəsr nizam olmadan hənuz. İrmiş idi Nəsimiyə Fəzlin inayəti, Kövnü məkanü sübh ilə şam olmadan hənuz. * * * Ləbinə əhli-nəzər can dedilər, gerçəkmiş Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş, Ağzına nükteyi-pünhan dedilər, gerçək imiş. Ləlini xətti ilə sormuşam ərvahə, onu Xızr ilə çeşməyi-heyvan dedilər, gerçək imiş. Adəmin surətinə səcdə qılanlar ki, səni Gördülər, surəti-rəhman dedilər, gerçək imiş. Dedilər qamətinə sidrə kəmal əhli, vəli, Xəlq onu sandı ki, yalan dedilər, gerçək imiş Surətin münkirinə elm ilə iman əhli, Ona kim, div ilə şeytan dedilər, gerçək imiş. Cənnətin əhli ki, üzün bağın, ey cənnətü hur, Rövzeyi-xüld ilə rizvan dedilər, gerçək imiş. Qələmin sirrini həqdən bilən ol taifə kim, Ənbərin xəttinə reyhan dedilər, gerçək imiş. Möcüzat əhli ki, yazısı ilə surətinə, “Lövhi-məhfuz” ilə Quran dedilər, gerçək imiş, Ey Nəsimi, ki nəzər əhli vücudun evinə- Laməkan gəncinə viran dedilər, gerçək imiş. * * * Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər, Gərçi uçmaq hurusu cümlə ana can dedilər. Səni bu hüsni-camal ilə, kamal ilə görüb, Qorxdular həq deməyə, döndülər insan dedilər. Surətin vəsfini sordum isə hər taifədən, Məninin güzgüsünü surəti-rəhman dedilər. Sunbülün halı pərişan, dedilər, hal əhli, Allah-Allah, nə üçün, mişkə pərişan dedilər? Bir qılın qiymətini hər kimə sordumsa, ana Gənci-Qarun ilə min mülki-Süleyman dedilər. Düşmənin adını aşiqlərə sordum ki, nədir, Eşidən cümlə nə kafər, nə müsəlman dedilər. Şək degil kim, üzünü görməmiş anlar ki, səni Huriyə bənzədübən Yusifi-Kənan dedilər. Ləblərin vəslinə irmək mana müşkül görünür, Gərçi sordular anı, dil ilə asan dedilər. Ağzın əsrarına əndişə qaçan vaqif ola Ki, üqul əhli ana nükteyi-pünhan dedilər. Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin, Nəfəsi doğrular ana nə üçün can dedilər? * * * Ləblərin şərbətinə çeşməyi-heycan susadı Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı, Sulu incilərinə təşnə kimi can susadı. Şəkkərin püsteyi-dəndanına kim susamaya? Sanma kim, yalqız ana püsteyi-xəndan susadı. Ənbərin sünbülünə badi-səhərgah əsicək, Vəslinə laleyi-sirab ilə reyhan susadı. Sözünün dadına şirin şəkər oldu təşnə, Nə şəkərdir bu kim, ana şəkəristan susadı? Cövrü bidad ilə tökdü cigərim qanını yar, Şöylə bənzər ki, cigər qanına canan susadı. Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə Ki, sənin rəhmətinə aşiqi-heyran susadı. Sayru oldum, kərəm et, aşiqini sormağa gəl Ki, könül vəslinə, ey dərdimə dərman, susadı. Susadım vəslini görməkliyə, ey cani-cahan, Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı. Sallanub naz ilə gəlgil ki, mənim didələrim Ayağın tozuna, ey xosrovi-xuban, susadı. Gül kimi gülə-gülə gəl aradan pərdə götür Ki, üzün görməginə dideyi-giryan susadı. Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət Kim, anın diqqətinə dürr ilə mərcan susadı. * * * Mahi-tabandır üzün, ey afitabi-xavəri Mahi-tabandır üzün, ey afitabi-xavəri, Təl’ətindən münfəildir şəmsü mahü Müştəri. Zöhrədir alnın, nigara, qaşların qövsi-qüzeh, Xətti-səbzin zülfün ilə Cəbrəilin şəhpəri. Ərşi-ə’zəmdir cəmalın, sidrə boyun, ey günəş, Surətin cənnati-ədnin, ləblərindir kövsəri. Müshəfi-həqdir üzün mə’ni içində bixilaf, Zülfü qaşü kirpigindir ol kitabın xətləri. Görk içində fərdi-yektasan, əya məhbubi-dil, Şol cəhətdən səcdə qıldı hüsnünə hurü pəri. Dil bəri qıldım sənin qeyrindən, ey can parəsi, Anın üçün, çün sən oldun xəstə könlüm dilbəri. Ey Nəsimi, səcdə qıl hüsnünə qarşu dilbərin, Çünki, xublar surətidir həq-təala məzhəri. * * * Mana sənsiz cahanü can gərəkməz Mana sənsiz cahanü can gərəkməz, Vüsalın var ikən hicran gərəkməz. Ləbi-lə’lin zülal abindən ayru Şərabi-çeşmeyi-heyvan gərəkməz. Qəmindir könlümün təxtində sultan, Bir iqlimə iki sultan gərəkməz. Yetər dərdin dəva müştaqə, niçün Ki, dərdin bilənə dərman gərəkməz. Gülüstanın gülü sənsiz tikandır, Mana sənsiz gülü reyhan gərəkməz. Gəl, ey aşiqlərin rizvanı – hüsnün Ki, sənsiz aşiqə rizvan gərəkməz. İki aləmdə didarından özgə, Mana, ey surəti-rəhman, gərəkməz. Vüsalın şərbətin içən mühibbə Fərağın ağusu çəndan gərəkməz. Mana səbr eyləmək sənsiz, nigara, Əgər müşkil, əgər asan – gərəkməz. Əzəldə qılmışam eşqinlə peyman, Bütün peyman, sınıq peyman gərəkməz. Kəsilməz gərçi vəslindən Nəsimi, Gözündən olduğun pünhan gərəkməz. * * * Mən mülki-cəhan, cəhan mənəm, mən Mən mülki-cəhan, cəhan mənəm, mən Mən həqqə məkan, məkan mənəm, mən. Mən ərşilə fərşü kafü nunəm, Mən şərhü bəyan, bəyan mənəm, mən. Mən kövnü məkanü “kün-fəkan”əm Bilgil ki, nişan, nişan mənəm, mən. Mən surəti-mənidə həqəm, həq, Mən həqqi-əyan, əyan mənəm, mən. Bir gövhəri əqdəməm-əzəldən, Ey gövhərə kan, kan mənəm, mən. Mən atəşi-eşqi-nuri-həqqəm, Musayə zəban, zəban mənəm, mən. Mən cümle cahani-kainatəm, Mən dərhi-zəman, zəman mənəm, mən. Mən ayəti-müshəfü kitabəm, Ey nöqtədəhan, dəhan mənəm, mən. Mən qövsilə həm kəmanü tirəm, Ey tirü kəman, kəman mənəm, mən. Cəmşidi-zəmanü aləm oldum, Cəmşidi-zəman, zəman mənəm, mən. Mən nəqşi-xəyalü-xətü xaləm, Mən hərfü-lisan, lisan mənəm, mən. Mən gənci-nihani "küntü-kənz"əm, Mən gənci-nihan, nihan mənəm, mən. Mən zatü sifati — "kün fəkan"əm, Mən ruh ilə can, can mənəm, mən. Mən kafirə matəmü müsibət, Möminə iman, iman mənəm, mən. Mən cənnəti abi-kövsər oldum, Ey səhni-cinan, cinan mənəm, mən. Mən bəhri-mühitü həm kəranəm, Ey bəhri-kəran, kəran mənəm, mən. Mən sirrəmü tövhidəm, hədisəm, Mən ğeybü güman, güman mənəm, mən. İnsanü bəşərsən, ey Nəsimi, Həqdir ki, həman, həman mənəm, mən. * * * Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm, Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm. Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən, Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm. Aləmül-qeybin süfatı məndən oldu aşikar, Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm. Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən, Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm. Ümmühat ilən nə var abaya olmasa xələl, Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm. Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam, Talibi-didari-yaram, şadimanam, xürrəməm. Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir, Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm. * * * Sığmazam Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam. * * * Məndən üzün yaşırma kim, səcdəgahım oldur Məndən üzün yaşırma kim, səcdəgahım oldur, Seyr edərəm bu çərxi, xurşidü mahım oldur. Hüsnün çırağın, ey can, pərvanə kimi keçdim, Tarik içində rövşən göründü, rahım oldur. Pərhiz edərmi aşiq, ey eşqə münkir olan, Dersəm ki, tərkini ur, mənim çü şahım oldur. Kirpiklərinlə qaşın olmuşdur ismi-ə’zəm, Divdən dəxi nə qorxu, çünkim, pənahım oldur. Həq də’vidən şəhadət istərlər isə məndən, Mən onu bulmuşam kim, yenə güvahım oldur. Ey dünyanın rəisi, mənə həqir baxma, Mən necə müflis olum, çün izzü cahım oldur. Sən məndən olma qafil, istə ki, ta biləsən, Anı ki, tanımışsan, fəzli-ilahım oldur. Nəsimiyəm ki, düşdüm üzün gülündən ayrı, Bülbül kimi çəməndə fəryadü ahım oldur. * * * Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım Mənim rəhbanımü deyrim, səlibim, dinim, imanım, Həbibim, rahətim, ruhim, rəfiqim, munisim, canım. Nurumsan, zülmətim, narım, şəbimsən, rövşənim, şəm’im, Münəvvər nurumü hurim, nəimü xüldü rizvanım. Təbibim, şərbətim, dürdüm, nabatım, şəkkərim, qəndim, Əlacım, mərhəmim, çarəm, Calunis ilə Loğmanım. Bənbövşəm, sünbülüm, vərdim, rəyahin, zanbağım, laləm, Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım. Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm, Səlatım, taətim, zöhdüm, savabım, həccü ərkanım. Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim, Amanım, adətim, fitnəm, təbiət ünsürü qanım. Nəsimi çün səni buldu, kəsildi cümlə varından, Hamudan sevgilim sənsən, mənim sərvi-xuramanım. * * * Mənim yari-vəfadarım, gəl axır Mənim yari-vəfadarım, gəl axır, Mələk surətli dildarım, gəl axır. Fəraqın canımı yaxdı bəğayət, Həbibim, munisim, yarım, gəl axır. Mənəm bülbül kimi nalanü giryan, Dodağı qönçə gülzarım, gəl axır. Qaşın qarşısına canım bərabər, Mənim tirü kamandarım, gəl axır. Fəraqından qatı divanə oldum, Kərəm qıl, zülfü zünnarım, gəl axır. Sənintək görmədim bir gül cahanda, Bənövşə, tazə ruzgarım, gəl axır. Qərarım qalmadı, səbrim tükəndi, Ləbi lə’li-şəkərbarım, gəl axır. Nəsimi natəvandır çün qəmindən, Gəl ey canım, gəl ey yarım, gəl axır. * * * Məhəbbət möhkəm işdir, qafil olma Məhəbbət möhkəm işdir, qafil olma, Bu karı sanma ki, hər kara bənzər. Səfasız sufi daim qayğuludur, Bu mə’nidən ki, butimara bənzər. Nəsimi küntə kənzin gövhəridir, Hədisi lö’löi-şəhvara bənzər * * * Mərhəba, ey bəhri-zatın gövhəti-yekdanəsi Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi, Şəm’i-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi. Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm, Ey cəmalın Kə’bə, sənsən küntə-kənzin xanəsi! Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim, Aləmin cismi sədəfdir, sənisən dürdanəsi. Ey mana, mişkin saçından könlünü qurtar, deyən Qanğı qafildir, səlasildən çözər divanəsi. Çünki viran könlüm, ey can, məskən oldu eşqinə, Istəməz ayruğ imarət könlümün viranəsi. Dilbərin lə’li əzəl bəzmində içirmiş mana Şol meyi kim, nöh fələkdir kəmtərin peymanəsi. Gözləri sevda meyindən aləmi məst eylədi, Gör nə meydan əsrimişdir nərgisi-məstanəsi. Ey bu şeyda könlümün halın soran hər dəm mana, Dərdini bildirməz ol, eşqin oduna yanəsi. Canımı şükranə verdim şol nigarın vəslinə, Düşmədi layiq, diriğa, vəslinin şükranəsi. Zahidin əfsanəsin qo, söylə eşqin halını, Aşiqin səm’inə sığmaz zahidin əfsanəsi. Mö’minin Kə’bə yeridir, kafirin bütxanələr, Aşiqin dost eşigidir Kə’bəvü bütxanəsi. Buldu lə’lindən Nəsimi nəfxeyi-ruhülqüdüs, Ey Nəsiminin həyatı, canımın cananəsi. * * * Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni, Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni. Doğrusu, müştaq idik, cana, bəsi didarına, Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni. Gəlməyə çün afitabü getməyə çün mahitab, Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni. Müddəilər tə’n urarlar irqətindən halıma, Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni. Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin, Ey vüsalın dərdimə timar, xoş gördük səni. * * * Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba! Çün ləbin cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs, Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba! Könlümə heç səndən özgə nəsnə layiq görmədim, Surətim, əqlim, üqulim, cismü canım, mərhəba! Ey mələk surətli dilbər, can fədadır yoluna, Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba! Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən? Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba! * * * Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir, Cümleyi-kainat onun pərtövünün zülalıdır. Baxdı cahana bir nəzər şahidi-laşərikə-ləh, Çöhrəyi qıldı vasitə, mütləq onun vüsalıdır. Surətə düzdü mə’niyi-leysə kəmislihi, dedi: Surəti mə’ni eyləyən qüdrəti-pürkamalıdır. Cilvə qılıb camalını, xublara höccət eylədi, Sün’ünə qıl müşahidə, gör nə əyan camalıdır. Baxsa olur müayinə yüzünə bihicab, anın Çöhrəsinin təfərrücü ne’məti-layəzalidir. Axirətin mətainə müştəri olma, istəmə Hər nə ki, anda var isə, cümlə bunun misalıdır. Şükr ilaha eylərəm dəmbədəm, ey Nəsimi, kim, Gör bu camalı la tühəb, rəhməti-zülcəlalidir. * * * Mişkin saçın hər tarəsin iki cahana verməzəm Mişkin saçın hər tarəsin iki cahana verməzəm, Lə’lin vüsalın bir nəfəs min dadlu cana verməzəm. Şəhla gözün sevdaları əhdü əmanətdir mana, Nur-əl-yəqinin sirrini olmaz gümana verməzəm. Aydır mana, ver, müddəi, yarı bu gün yarın günə, Bir saat anın vəslini dəhrü zamana verməzəm. Zülfündə can qıldı vətən, hübbülvətən şərti ilən, Mən məskənül-ərvahımı kövnü məkana verməzəm. Nazü nəimi dünyanın bilxatimə gər sud isə, Külli ziyandır aşiqə, sudu ziyana verməzəm. Oldu kəlamından yəqin, k’anın dəhanı var imiş, Eynəl-yəqinin rö’yətin qeybü gümana verməzəm. Ey bənzədən qəddin anın sərvü çinarü ər’ərə, Mən sidrəvü tuba adın hər birəvana verməzəm! Ey inciyi mədh eyləyən, yaqutunu cövhər bilən, Mən bulduğum dürdanəyi yüz bəhrü kana verməzəm! Eşqi-məcazi salikə zərqü riyadən yegdürür, Həq bil bunu kim, kimsəyi sudü ziyana verməzəm. Yarın dodağı vəsfini, ey zahid, əbsəm, sorma kim, Nitqin Məsihü Məryəmin hər bizəbana verməzəm. Çünki Məsihanın dəmi nitqi-Nəsimidir bu gün, Anı bahasız sanma kim, can rayigana verməzəm. * * * Mişkin saçın səvadına mişki-Xəta derəm Mişkin saçın səvadına mişki-Xəta derəm, Mişki-Xəta nə nəsnədir, anı xəta derəm. Ol həqqi tanıyan ki, üzün Kə’bədir demiş, Mə’nidə hacı oldurur, əhli-səfa derəm. Eşqin bəladurur deyənə e’tiqad ilə Həqdən həmişə başına gəlsin bəla derəm. Sənsiz mühibbi-sadiqə nazü nəimi-xüld, Dərdü əzabü möhnətü rəncü əna derəm. Cami-cahannüma dedilər üzünə, vəli Həqdən mən anı ayineyi-həqnüma derəm. Yoxdur vəfası zərrəcə könlümdə dünyanın, Ol bivəfaya anın üçün bivəfa derəm. Könlün mənə nə dürlü cəfa kim, dilərsə qıl, Səndən gələn cəfaya xaçan mən cəfa derəm. Dərdin dəvasın etməgil, ey münkir, əbsəm ol, Şol mə’nidən ki, dərdinə yoxdur dəva derəm. Ey rənci-eşqə düşmə deyən, doğru aşiqə, Ol rəncə düşməsin ki, ana mən şəfa derəm? Ol ömrü ki, vüsalın ilə keçmədi müdam, Keçmiş həvavü hərzəyə, badü həva derəm. Hər kim irişdi həqqə Nəsimi kimi yəqin Anı cahanda mən yar ilə aşina derəm. * * * Mövsimi-novruzü neysan Mövsimi-novruzü neysan aşikar oldu yenə, Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə. Qönçədən gül baş çıxardı, saldı üzündən niqab, Bülbülü-şeyda xətibi-lalazər oldu yenə. Əski dünya yengi xələt geydi bu mövsümdə uş Çöhrəsi dövrü bu gün nəqşü nigar oldu yenə. Nərgisi gör cam əlində mey sunar ariflərə, Cümləsin məst eylədi, kəndi xumar oldu yenə. Badə içmək rövzədə gər sən dilərsən hur ilə, Yar əlin tut, bağçaya gir, novbahar oldu yenə. Saqiya, cami gətir kim, mən uşatdım tövbəmi, Əski təqvimim mənim bietibar oldu yenə. Sən Nəsimi razini, ey dan yeli, yarə yetir Kim anın halı pərişan, biqərar oldu yenə. -Neysan** - Aprel ayı; Aprel ayında yağan yağış. -Badəxar** - şərab içən; burada şeyxin şərab düşkünü olmasından, şərab içməsindən söhbət getmir, baharın gəlişindən xoş ovqata onun da qoşulduğu ifadə edilir. -Niqab** - üz örtüyü, duvaq, yaşmaq. -Bülbüli-şeyda** - vurğun bülbül. -Xətibi-laləzar** - çəmənlikdə xütbə oxuyan. -Uş**- bu, belə. -Rövzə** - cənnət, behişt. -Uşatdım** - sındırdım. -Raz** - sirr. * * * Müənbər sünbülün, şaha, güli-siraba pürçindir Müənbər sünbülün, şaha, güli-siraba pürçindir, Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir. Xətadır Çinə həml etmək müənbər zülfünü, billah Ki, hər bir qılı saçının həzaran Çinü Maçindir. Dəhanından xəbər verdi rəvanpərvər sözün, amma Bilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir. Sən ol sultani-xubansan bu gün aləmdə, ey dilbər Ki, qultək cümlə sultanlar sana şahinü laçindir. Müdəvvər nöqteyi-xalın gözümdən bir nəfəs getməz, Məgər kim, şol qara bənlər gözümdə nəqşi-pürçindir. Rüxün üzrə bənin şahanə hindudur, əcəb, yarəb, Yalançı oğrumu, yaxud Irəm bağında gülçindir? Göyərçintək şikar etdi məni ol nərgisi-fəttan, Yavuz gözdən iraq olsun ki, xoş türkanə laçindir. Məhi-tabana, ya mehrə səni bənzətməsəm, neyçün Ki, hüsnün xirmənində gün məh ilə sünbüləçindir. Gözümdən gərçi dilkəşdir saçının şivəsi, amma Nəsimiyi bu sevdaya buraxan şol moğolçindir. * * * Mehri-rüxün tabına düşdü könül yanədir Mehri-rüxün tabına düşdü könül yanədir, Şəm’ə düşən narına yansa gərək, ya nədir? Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil, Şəm’inə gör canımı kim, necə pərvanədir? Zülfü rüxün sirrini bilməyənə aydıram: Küfr ilə imanımız, Kə’bəvü bütxanədir. Nəqşi-xəyalın məni nəqşü xəyal eylədi, Münkiri-eşqin gözü ikiligə yanədir. Cami-səqahüm içər dilbər əlindən müdam, Kim ki, anın saqisi nərgisi-məstanədir. Çünki vüsalınlayam leylü nahar, ey sənəm, Cami-Cəm uş məndədir, mülki-Süleyman nədir? Lə’li-ləbinlə gözün mey içirərlər mana, Mən necə məst olmayam, çün iki peymanədir? Dünyavü üqbayı mən vəslinə dəyişmişəm, Assisinə min başım can ilə şükranədir. Eşqi-rüxün məskəni xəlvətidir könlümün, Gənci-həyatın yeri gör ki, nə viranədir. Düşdü Nəsimi saçın həlqeyi-zəncirinə, Düşməyən ol həlqəyə, gör ki, nə divanədir. * * * Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq, Aqili divanə qıldı aqibət sevdayi-eşq. Eşqə düşənlər bilir həm yenə eşqin qədrini, Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq. Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih, Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq. Kim ki, istər dilbərinin xəlvətinə yol bula, Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq. Sevgilimin sevgisindən özgə sığmaz könlümə, Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq. Könlümün viranəsin mə’mur qıldı eşqi-yar, Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq. Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu gün Könlünü aldurdun, oldun axərin yəğmayi-eşq. * * * Neylərəm mən bunda durub, çünki dildar andadır Neylərəm mən bunda durub, çünki dildar andadır, Sanma kim, anda dedigim Bursa ya Larandadır. Neylərəm gülzara baxmaq, çün bu yanmış könlümün, Şol boyu sərvi-xuraman, üzü gülzar andadır. Firqətin dərdi məni torpaq edərsə, ey səba, Yarı qıl, torpağım, ilət anda kim, yar andadır. Can yanağın həsrətindən dəgməniz, olmaz cüda, Qanda kim görsə güli-tər, bülbüli-zar andadır. Şol moğolçin gözlərinlə çünki qapdın könlümü, Çün bilirsən kim, nə gizli dürlü əsrar andadır. Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim, Çün məni sayru qılan şol çeşmi-bimar andadır. Dişlərin əksi Nəsiminin gözünə düşəli, Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır. * * * Nə süni-paki-yəzdansan, a dilbər Nə sün’i-paki-yəzdansan, a dilbər? Müsəvvərsən, müənbərsən, münəvvər! Saçındır zülməti-yəlda, şəbi-qədr, Üzün novruzü eydü mahi-ənvər. Təcəllidən ki, ta açdın niqabı, Həbibin təl’ətidir mahi-xavər. Bu, xalü rüxmüdür, ya mürği-sevda Ki, qonmuşdur miyani-vərdi-əhmər. Vüsalın dilərəm şirin ləbindən, Cavabım ver ki, qənd olsun mükərrər. Çü cənnət tubisidir qamətin kim, Ki, qoymuş surəti-rəhmani bərsər. Şu cövhərdir bu gün heyrani-hüsnün Ki, seyrangahıdır çərxi-müdəvvər. Degil, aydır bu söz həddin, Nəsimi, Kəlamüllahı gör, bu vəsfi söylər. * * * Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım. Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim, Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım. Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim, Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım. Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim, Hicazım, Kə’bəvü Turim, behiştim, hurü rizvanım. Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum, Dürüm, mirvaridim, kanım, əqiqim, lə’lü mərcanım. Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım, Xudavəndim, cahandarım, əmirim, şahü sultanım. Çırağım, şəm’imü nurim, ziyamü yıldızım, şəmsim, Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım! * * * Nuri-təcəlli şö'ləsi düşdü əzəldən alına Nuri-təcəlli şö’ləsi düşdü əzəldən alına, Gözlərimin bu rəng ilə yaşı boyandı alına. Həm mö’cüzati Əhmədin gözləri sehridir anın, Rəhməti-həq bu cadunun ümmətinə vü alına. Cəhd edərəm ki, alinə könlümü verməyəm, vəli, Həm bilirəm ki, aqibət alinə könlüm alına. Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli, Şükr edirəm ki, düşmüşəm alə gözünün alına. Düşdü Nəsiminin başı zülfü kimi ayağına, Düşəli can gözü anın bədri-müəmməm alına. * * * Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə, Çiçəgi açıldı, güldü şol gülüstanın yenə. Gül götürdü pərdə üzündən, açıldı növbahar, Rövnəqi gəldi, dirildi bağü bostanın yenə. Könlümün əhvalını, gəldi, gözümdən sordu yar, Övni irdi dərdə yanan canə dərmanın yenə. Gəldi ruhəfza ləbindən susamış canə səlam, Xızra ən’amı irişdi abi-heyvanın yenə. Firqətin dövranı keçdi, gəldi əyyami-vüsal, Müddəti-dövrü tükəndi acı hicranın yenə. Zülmətindən leylətül-hicrin mana ayruq nə qəm! Nuri çün düşdü mana şol mahi-tabanın yenə. Dilbərin buyi-vəfası zülfünün çinindədir, Ənbəri yayıldı şol zülfi-pərişanın yenə. Başıma qutlu ayağın gəldi basdı ol nigar, Kölgəsi düşdü mana sərvi-xüramanın yenə. Əhdü peymanından, ey yar, istədi can əl yumaq, Qoymadı mehrin vəfası, əhdü peymanın yenə. Ey qəmər, eynin bəla yetməzmidi aləmdə kim, Fitnə oldu xəlqə zülfi-ənbərəfşanın yenə. Çün Nəsiminin susamış qanına yarın ləbi, Noldu, ey münkir, sana kim, qaynadı qanın yenə. * * * Rəvanmıdır, rəvamıdır, həbibi Rəvamıdır, rəvamıdır, həbibi Ki, oda yandırasan mən qəribi? Məni bu dərdi-eşqə sən buraxdın, Yenə sənsən bu dərdimin təbibi. Cəmalın gülşənindən haşalillah Ki, məhrum döndərəsən əndəlibi. Qaşın mehrabına baş qoymayanlar Məgər boynunda bağlıdır səlibi. Canımdan kəsmişəm, dilbər, ümidi, Vəli səndən kəsə bilməm rəqibi. Yaza kirpiklərin, nəsrən minallah, Oxur dodaqların fəthən qəribi. Nəsiminin bu xublar filqətindən Cəfavü dərd imiş ancaq nəsibi. * * * Salıbdır daneyi-xalın könüllər quşuna çinə Salıbdır daneyi-xalın könüllər quşuna çinə, Xəbər düşdü bu mə’nidən Xətavü Rum ilə Çinə. Könül laçın deyü düşdü ki, ala şol göyərçini, Göyərçin bayquşa düşdü, yazıqdır imdi laçinə. Cahanda kimsə görməmiş ki, bayquş ala göyərçin, Qəzayi-asimanidir, bəla gəldi göyərçinə. Gülü gülzari-pürçindir, qonubdur zülfi-pürçinə, Nə güldür bilməzəm, yarəb, ki pürçin qondu pürçinə. Xilafi-və ’də gər qılsa Nəsimi, qəm deyil, şayəd Tərəhhüm eyləyə bir gəz, yalanı dəgşirə çinə. * * * Şahidi-laşərikə ləh şol sənəmin camalıdır Şahidi-laşərikə ləh şol sənəmin camalıdır, Leysə kəmislihi anın nun ilə mimü dalıdır. Çöhrəsi gərçi nur ilə kəşfi-hicabi-vəch edər, Vəchə işarət eyləyən ol qəmərin hilalıdır. Gərçi hər ayda bir gecə aya kamal irir, vəli Yüz qəmər irməz anda kim, ol qəmərin kamalıdır. Surəti gərçi hüsn ilə cuşa gətirdi aləmi, Fitnəyi qoparan anın qaş ilə zülfü xalıdır. Axirətin nəiminə olma hərisü baxma kim, Hur ilə cənnətü liqa cümlə anın vüsalıdır. Mehri-rüxün nə vəch ilə qabil ola zavala kim, Vəsfi-camalın, ey günəş, ayəti-bizəvalidir. Şübheyi-laşərikə ləh ta biləsən ki, məndə yox, Güzgüyə baxü güzgüdə gör ki, nəyin misalıdır. Vəslə qənaət etmişəm, dünyavü axirət sana, Aşiqə şol müşahidə ne’məti-layəzalidir. Şükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim, Əhli-kamala məntiqin rəhməti-zülcəlalidir. * * * Şəha, çün surətin Fürqanımızdır Şəha, çün surətin Fürqanımızdır, Ol on dörd xət bizim Qur’anımızdır. Qaşınla kirpigin, zülfün səvadı, Dəlilü höccətü bürhanımızdır. Sifatinda müənbər küfri-zülfün, Bəyazi-vəch ilə imanımızdır. Rüxün lövhündəki on altı xəttin Ələl-ərş üstüva rəhmanımızdır. Necə tərkini qılsın can sənin kim, Əzəldən çün ki, canın canımızdır. Gəl, ey dərviş olan dövri-qəmərdə Sürək dövran ki, xoş dövranımızdır. Bu gün çün eydi-əkbərdir camalın, Nəsiminin canı qurbanımızdır * * * Səba zülfün nəsimindən cahanı cümlə can etdi Səba zülfün nəsimindən cahanı cümlə can etdi, Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi. Boyundur sidrəvü tuba, üzündür cənnətü hura, Xətü xalın kəlam oldu, bu əsrarı bəyan etdi. Götürdü pəri üzündən yədullah, ey qəmərtəl’ət, Bu həq dastan ilə gör kim, nə mə’nilər əyan etdi. Nə gülşəndir üzün bağı ki, rə’na çiçəgi anın Cahanı rəngü buyindən tikənsiz gülsitan etdi. Əbirü ənbərü udun sınıxdır qədrü bazarı, Müənbər zülfünü ta kim, səba ənbərfəşan etdi. Yaşıl lövh üstünə həqdən yazılmış on iki ayət, Qaşın vəhyi bu ayatın rümuzun tərcüman etdi. Rüxün narıdır ol atəş ki, dudi-iştialından, Kəlimüllah yol bulduvü həq həft asiman etdi. Qəzadır qaşların qövsi, qədərdir kirpigin səhmi, Məni amac üçün eyənin bu mə’nidən nişan etdi. Xətü xalindən, ey dilbər, ələlərş-istiva rəhman, Budur şol müşkül ayət kim, üqulu bizəban etdi. Üzündür qibleyi-iman, qaşınla kirpigin Qur’an, Budur şol abi-heyvan kim, ləbində həq nihan etdi. Məkanü kanə sığmaz çün qədimin zati-bimisli, Nəsimi kafü nun oldu, məkanın laməkan etdi. * * * Şəha, könlüm pərişan oldu sənsiz Şəha, könlüm pərişan oldu sənsiz, Cigərim dopdolu qan oldu sənsiz. Yəqindir səndən ayrı, şahi-xuban, Bu könlüm təxti viran oldu sənsiz. Kimə bənzərsən ey sən, mahpeykər Ki, aləm bəndi-zindan oldu sənsiz. Gözüm yaşı cahanı tutdu, ey can, Görən aydır ki, tufan oldu sənsiz. Nəsimi quluna qıl çarə, dərman Ki, canlı gəldi, bican oldu sənsiz. * * * Şəha, könlümdə daim bir həvəs var Şəha, könlümdə daim bir həvəs var, Soram şəkər dodağından məgəsvar. Sənin gülgün yanağın həsrətindən, Axar çeşmim yaşı həm çün Ərəsvar. Gəl ey ömri-əzizimdən əzizim Ki, sənsiz keçədür ömrüm əbəsvar. Qənim olsun mana Fürqanü İncil, Əgər könlümdə səndən özgə kəs var. Qulağıma gəlir hər gecə ta sübh Rəqiblərin ünü həm çün cərəsvar. Sənin tərkini qılmaz bu Nəsimi, Necə ki, bu qəfəsdə bir nəfəs var. * * * Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar, Anı görüb səfasından fələkdə afitab oynar. Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər, Vücudun nuru bərqindən camalında inqab oynar. Çü gördü qəbqəbin eynim, dedi görün tamaşayı Ki, lə’lin höqqə altında müəlləq durmuş ab oynar. Qurulmuş məclisi-şahi, çalınır çəngü ney, qanun, Tərənnümlər qılır mütrüb, ara yerdə şərab oynar. Fələk tərsinə dövr eylər, məgər axır zaman oldu, Qəfəsdə tutiyü qumru, çəmənlərdə qürab oynar. Fərəhdən cümlə üşaqqın fəğanı göylərə ağdı, Həsəddən zahidi-xüşkün qabağında xunab oynar. Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir, Kitabü nərdü şətrəncü odü yel, su, türab oynar. * * * Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz, Könlümün dildarı sənsən, özgə dildar istəməz. Cənnəti-ədnin tamaşası rüxün gülzarıdır, Kim ki, şol gülzarı buldu, özgə gülzar istəməz. Ta əbəd hirman imiş həqdən nəsibi, hər kim ol Səndən, ey dilbər, iki aləmdə didar istəməz. Könlümün məqsudi sənsən, hacəti həqdən budur, Hacətindən ayru könlüm nəsnə, zinhar, istəməz. Gəl ki, sənsiz könlüm, ey canü cahanın hasili, Künfəkanın hasilindən oldu bizar, istəməz. Sorma, ey dilbər, mana kim, hacətin məndən nədir, Çünki mə’şuqindən ayru aşiqi-zar istəməz. Kim ki, zülfünün xəyalı bağladı könlündə, ol Rahibi-deyr oldu, ondan özgə zünnar istəməz. Çün, ənəlhəq darını Mənsur olandır istəyən, Olmayan Mənsur ənəlhəq, leysə fiddar istəməz. İstərəm aləmdə yarın sirrini faş eyləyim, Müddəinin canı yanar qəmdən, əğyar istəməz. Yüzünü bipərdə görmək istərəm daim, vəli Minkirin görməz gözü, çün kəşfi-əsrar istəməz. İstədi həqdən Nəsimi vəslini, buldu murad, Maliki-didar olubdur, gəncü dinar istəməz. * * * Şənbə günü mən uğradım ol sərvi-rəvanə Şənbə günü mən uğradım ol sərvi-rəvanə, Şeyda qılıban saldı məni cümlə cəhanə. Yekşənbə günü məcnun olub heyranı oldum, Gördüm üzün, oxşatdım anı mahi-təbanə. Düşənbə günü razi-dilimi dedim axır, Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə. Səşənbə günü səyyad olub seyrana çıxdım, Mən seyd oluban qurban olum püstə dəhanə. Çərşənbə günü yar gəzə gəldi çəmən içrə, Bülbül dəxi gördü üzünü, düşdü fəğanə. Pəncşənbə günü yarə dedim: pəndim eşitgil, Faş etmə bu razi-dilimi yaxşı-yəmanə. Adinə günü gördü camalını Nəsimi, Əmdi ləbi-lə’li-şəkkərin ol qanə-qanə. * * * Səndən iraq, ey sənəm, şamü səhər yanaram Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, daxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram. Məndən irağ olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigər, yanaram. Şəm’i-rüxün surəti qarşıma gəlmişdürür, Şə’şəəsindən mana şö’lə düşər, yanaram. Səbr ilə aramımı qapdı əlimdən qəmin, Badi-həvadan degil, qəmdən əgər yanaram. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram. Yandığımız yar üçün, gizli degil, mən dəxi Hər nə qədər kim, anın könlü dilər, yanaram. Müddəi yanar demiş qəmdə, Nəsimi üçün, Qəmdə yanan yarı yar çünki sevər, yanaram. * * * Sənəma, üzün gülündən gülə-gülə gül utandı Sənəma, üzün gülündən gülə-gülə gül utandı, Xəcil eylədi dodağın şəkəri, nabatı, qəndi. Qara qaşların yayından mana kirpik oxun atar, Ala gözlərin məgər kim, yenə qanıma susandı. Sitəm etmək ilə haşa ki, könül usana səndən, Kimə aydayım ki, anın sitəmində can usandı. Gözünü düzüb süzərsən, dilü cana qəsd edərsən, Bu nədir ki, sən qılırsan, çələbim, bəgim, əfəndi? Nə bahaya qiymət etsəm səni, ey şikari-dövlət Ki, cahan mətahi dəyməz qılına saçın kəməndi. Dünü gün iki gözümdən axıdır ənar danə, Cigərim qanilə gör kim, bu yüzüm nə xoş boyandı. Qara sünbülün niqabı ki, hicabı düşmüş aya, Götür, ey sənəm, üzündən ki, Nəsimi oda yandı. * * * Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir, Qəfil mən eşqinə düşdüm, nədir çarə, nədir tədbir? Yatırkən dün gecə gördüm siyah zülfünü boynumda, Oyandım dedim, ey dilbər, nədir bu rəmzimə tə’bir? Divanə oldu dəli könül, saçın zəncirinə bağla, Mənim könlüm dəlisinə sənin zülfün teli zəncir. Vücudum padişahisən, könül verdim, səni sevdim, Sənə könül verən aşiq qaçan can eyləyə təqsir? Nəsimi, namusü arı əgər aşiq isən tərk et, Aşiqlər boynuna biçmiş məlamət donunu təqdir. * * * Sənmisən, ey mahsurət, cənnətin eynində hur Sənmisən, ey mahsurət, cənnətin eynində hur, Gözlərin eyni-bəladır, vəchinin alnında nur? Ayəti-ərşi-səmadandır lətafət sözlərin, Dər məani cəm’ qıldı dürri-məknun zühur. Çeşmeyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin, Kim ola ol kim, qıla mehr ilə vəslinə səbur. Şübhədən arındı ol kim, qıldı iqrari-səlat, Ta əbəd məst oldu, içdi cür’eyi-mai təhur. Kim ki, məhbubun liqasın gördü ol eynəl-yəqin, Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur. Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri, Çünki vəslə vasil oldu, eşq ilə buldu hüzur. * * * Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylər, Səni salar bu sevdaya, özü qeyri xəyal eylər. Əgər beş gündə bu dövran sənə əl versə, ey aqil, Ki, şadlıq göstərər bir dəm, dönər yüz min məlal eylər. Yığınca munca əsbabı yeri, sən bir kamal istə, Əcəl yeli əsər bir gün ana çox-çox zaval eylər. Əgər aşiq isən tərk et, nedərsən munca əsbabı, Olar ki, eşqə qərq oldu, qaçan sevdayi-mal eylər. Günəş dutuldu dedilər nəzər qıldım camalına, Üzünə zülfüdür düşmüş, bu el yanlış xəyal eylər. Yığıb yedirməyən kişi sinində mar olur malı, Sağı sözdür ki, assi varsa boynunda vəbal eylər. Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən, Ol anı bir çöpə saymaz, təmənnayi-vüsal eylər. * * * Sərvin qatında sidrəvü Tuba rəvan olur Sərvin qatında sidrəvü Tuba rəvan olur, Lə’lin şərabi-kövsərin içən rəvan olur. Isa ləbin vüsalına irdivü buldu can, Hər kim ki, bildi ləmyəzəli, cavidan olur. Ey hürieynə bənzədən ol Isəvi dəmi, Huri qaçan bu lütf ilə şirinzəban olur? Eşqin hədisini nə qədər canda gizlədim, Sirr saxlamaz könül, bu səbəbdən əyan olur. Hüsnün rümuzunu nə mələk bildi, nə bəşər, Hər dəgmə canəvərdə qaçan bu bəyan olur? Nitqin utandırır mələki şol zamanda kim, Lə’lin hədisə başlarü gövhərfəşan olur. Mişkin saçınla can ilə sevdaya düşməyən, Sərmayəsi xəsarətü sudu ziyan olur. Yaşın niqab içində ki, hüsnündən ey pəri, Qopar fəğanü fitneyi-axırzaman olur. Üzündə gərçi ayəti oldu otuz iki, Hər birisi müvəhhidə yüz min nişan olur. Hər kim ki, həqqi əhsəni-surətdə görmədi, Həq ta əbəd anın nəzərindən nihan olur. Vəslində zində oldu Nəsimi iləl-əbəd, Abi-həyata vasil olan cavidan olur. * * * Sünbülün əbrində gördüm uş məhi-taban gəlir Sünbülün əbrində gördüm uş məhi-taban gəlir, Saçların hər tarəsindən şö’leyi-iman gəlir. Surətin əşkalıdır inna fətəhna, ey nigar Kim, bu eşqin ayətində həqqə uş bürhan gəlir. Zülmətin dövranı keçdi, oldu ol Xızr aşikar, Şimdi sordum, ləblərindən çeşmeyi-heyvan gəlir. Gərçi ehsan etdiyin daim vəfadır aşiqə, Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan gəlir. Razımı faş etdi ahım, şol səbəbdən, ey nigar, Vəslinə vəsl olmağa çün dəğmə hər nadan gəlir. Lövhi-məhfuz oldu qaşın, kirpigin eşq əhlinə, Surətin lövhündə, ey can, həq dedi Fürqan gəlir. Gül yanağın həsrətindən bülbül, ey can aşiqi, Ah edər gül həsrətindən, biləməz xəndan gəlir. Əhsəni-təqvimə çün səcdə qılır hurü mələk, Surətin gördü məgər kim, səcdəyə şeytan gəlir. Çün məqami-dilbər oldu, ey Nəsimi, aşikar, Şol həyati-cavidan buldu, yeri cinan gəlir. * * * Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə, Almaya kimsə könlünü, şiveyi-alə düşməyə. Surəti-həqsən, ey qəmər, pərdəsiz eylə üzünü, Ta büti-azəri yazan nəqşi-xəyalə düşməyə. Sovməə əhlini üzün də’vət edərsə gər meyə, Zahid əlindən ayruq ol cami-piyalə düşməyə. Yüz ilə qaşını necə vəsf edə ya bəyan qıla, Şol ki, anın nikahı ol bədrü hilalə düşməyə. Xalü xətin qələm kimi şərh edərəm ki, bir dəxi Sərzəniş eyləyən məni cürmü vəbalə düşməyə. Sünbülünü gül üstünə qoyma ki, yeli dağıda, Ta ki, xəyali-xam edən fikri-məhalə düşməyə. Xal ilə ənbərin saçın dal ilə nüqtədir, vəli, Kim deyə zal, əgər bənin nüqtəsi dalə düşməyə. Fitnə qara gözün məni-məsti məlalət eylədi, Şol qədəhi kim içə kim, varə bu halə düşməyə? Pərdədə yaşır, ey qəmər, üzünü ta ki, münkirin Kəmnəzəri bunun kimi hüsnü cəmalə düşməyə. Qüdrət əli əgər üzün nəqşini yazə günəşə, Ta əbəd ol kəmal ilə qalə, zəvalə düşməyə. Söylənə gər Nəsiminin mədrəsədə məqaləti, Dərsini qoya mədrəsə, qiyl ilə qalə düşməyə? * * * Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə Surəti-həqqə, ey sənəm, bədri-rüxündür ayinə, Daş ola kim ki, surətin olmaya aşiq ayinə. Eşqi-rüxün təriqidir dari-səlamətin yolu, Mənzilinə qaçan irür kim ki, bu yolda tayinə. Dünyəvü mülkü malinə meylü məhəbbət eyləmə, Çün gedisərsən, ey məlik, axirətin sarayinə. Vəsli-rüxündən, ey pəri, ta əbəd oldu möhtəcib Kim ki, müqəyyəd olmadı zülfü girehgüşayinə. Fatihədir anın üzü, nunü əlifdir ayəti, Səllü və səlləmü əla surəti-canfəzayinə! Zülfi-dütasının qəmin sor bu əsiri-eşqə kim, K’oldur əsir edən məni silsileyi-dütayinə. Başinə kim ki, düşmədi kölgəsi ənbərin saçın, Dövlətə sadiq olmadı, uğramadı hümayinə. Hur ilə cənnətü liqa görməyə həqdən, oyla bil, Kim ki, üzündə görmədi həqqi bu gün müayinə. Eşqinə kim ki, qılmadı baş ilə canını səbil, Dərdinə çarə bulmadı, uğramadı dəvayinə. Vermişəm ol qara saçın qövlü qərarına könül, Gərçi inanmazam anın əhdinəvü vəfayinə. Hüsnü rüxün zəkatını ayə gər eyləsən əta, Mehri-müniri-təl’ətin görünə, mah bayinə. Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi, Dövlət anın kim uğradı xətməsinin duayinə. Canverici ləbindədir şərbəti xəstə könlümün, Kimdir irişdirən anı şərbətinin şəfayinə? Lə’li-ləbin hədisini incuyə nisbət eyləyən, Gör nə cəfalər eyləmiş cövhəri-canfəzayinə. Eşqinə verməsin könül şol sənəmin, Nəsimitək Kim ki, təhəmmül eyləməz cövrünəvü cəfayinə. * * * Surətin nəqşinə xəyal irəməz Surətin nəqşinə xəyal irəməz, Gözlərin alasına al irəməz. Şol qədər safidir ləbin eyni Kim, anın abinə zülal irəməz. Bu günü gör ki, rəngü çöhrəsinə Nə qədər al edirsə, al irəməz. Gərçi ayı üzünə bənzədərəm, Qaşların şəklinə hilal irəməz. Qamətin şoylə mö’tədildir kim, E’tidalinə e’tidal irəməz. Ey cəmalül-liqa, nə dilbərsən Ki, rüxün hüsnünə cəmal irəməz? Bu nə ziba camal olur, yarəb, Ki, kəmalatına kəmal irəməz. Zülfü çün cimü qaşı-dal, vəli, Zülfü qaşinə cimü dal irəməz. Necə günəşsən, ey qəmər ki, sana Ta əbəd zərrəcə zəval irəməz? Buldu könlum səninlə şol vüslət Kim, anın vəslinə vüsal irəməz. Ey Nəsimi, sözün müfərrihdir, Bu cəhətdən ana məlal irəməz. * * * Surətin nəqşində könlüm, ey sənəm, heyran olur Surətin nəqşində könlüm, ey sənəm, heyran olur, Bir nəzər görsəm, camalın dərdimə dərman olur. Kənzi-məxfidir sənin eşqin, yeri viran könül, Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur. Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün, Qibləsi aşiqlərin bil, surəti-rəhman olur. Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman, Dilbərin cövrü cəfası aşiqə ehsan olur. Mah-rüxsarın qatında kim ki, səcdə qılmadı, Divi-məl’undur yəqin, anın adı şeytan olur. Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman, Zərxəridə qul isə, aləmlərə sultan olur. Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol, Kim ki, aldanmaz cahanda, müşkülü asan olur. * * * Surəti-nəqşində hər kim görmədi nəqqaşını Surətin nəqşində hər kim görmədi nəqqaşını, Vahibi-surət onun gözsüz yaratmış başını. Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını. Ləbləri şirin nigarın firqətü hicranıdır, Axıdar yanınca şəmin gözlərindən yaşını. Düşmədi batil xəyala, olmadı sevdası xam, Hər kimin kim, eşq oduyla həqq bişirdi aşını. Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün, Çünki mən sultanı buldum, neylərəm fərraşını? Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün Xanəgahın şeyxini, meyxanənin övbaşını. Dəmbədəm sufi məlamət daşın atar aşiqə, Daşı qiymətsizdir anın, içini gör, daşını. Hasilin məscid bucağında gör axır kim, nədir, Ey məlamət eyləyən meyxanənin qəllaşını. Yaşını yandırdı eşqin, həm qurusun könlümün, Kim ki, eşqə düşdü, yandırdı quruvü-yaşını. Könlümün şəhrində eşqin bir imarət yapdı kim, Ta əbəd qoparmaz andan nöh fələk bir daşını. Canımı eşqin əzəldə yoldaş etmiş özünə, Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını. Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil, Həqq bilir xəlqi-cahanın sirrini, həm faşını. * * * Susadı könlüm nigarın lə'li-ruhəfzasinə Susadı könlüm nigarın lə’li-ruhəfzasinə, Talibi-şövqəm həbibin surəti-zibasinə. Ey səba, uğraşdığınca şol xuraman sərvə tuş, Məndən öp anın ayağın, səcdə qıl balasinə! Gözləri sevdası aşiq canına qıldıqların Ol bilir kim, aşiq olmuş nərgisi-şəhlasinə. Eynini aç, eynimə bax, cümlə eynin eyniyəm, Səd həzaran can fədadır eyninin sevdasinə. Sorma sevdayilərin halin, təbibi-amə kim, Düşməyən bilməz bu halə, gözləri sevdasinə. Surəti, hüsnü cəmalı cümlə zibadır anın, Hüsnünə qurban olayım, bəlkə sər ta pasinə. Kim ki, zahir görmədi üzündə həqqin surətin, Güzgüzü ari degildir, çarə qılsın pasinə. Bibədəldir hüsn içində, lütf içində binəzir, Vahidiyyət sabit oldu hüsni-bihəmtasinə. Xırmanında hüsnünün gündür başaqçı ay ilə, Utan, ey nisbət qılan, qaşi-hilalı dasinə. Zahidin heç oldu zöhdü, heçə keçdi taəti, Başladı yasinə, şimdi kimsə gəlməz yasinə. Çərxi-nərradin nüquşin tərs oxur gözsüz fəqih, Kə’bəteyni gör ki, atar hoqqabazın tasinə. Ruhi-qüds oldu Nəsimi, cismini tərh eylədi, Gövhəri-fərd oldu düşdü vəhdətin dəryasinə. * * * Şərbətin acı firqətin nuş edərəm şəkər kimi Şərbətin acı firqətin nuş edərəm şəkər kimi, Canımı dutmuşam qəmin qarşısına sipər kimi. Yaxma məni fəraqilən, çünki mən, ey üzü qəmər, Xalisü müxlis olmuşam eşqi-rüxündə zər kimi. Qurmağa qoyma yayını, salma məni fəraqə kim, Doğramış oxları anın yürəgimi zəhər kimi. Ta bilələr ki, məğribin günəşi doğdu, ey qəmər, Türfə niqabını götür, xalqa görün qəmər kimi. Kim ki, mələk kimi sana qılmadı səcdə, ey sənəm, Ta əbəd adı div imiş münkiri-bibəsər kimi. Gərçi hidayət eylədi Musayı nara ol şəcər, Aşiqə hadidir üzün, nuruna ol şəcər kimi. Sidqü səfavü zövqilən həqqə ulaş və vasil ol, Zənnü gümanə möhtəmil olma əgər-məgər kimi. Səndən əzəldə, ey qəmər, aşiqə gəldi bir xəbər, Bir dəxi səndən istərəm, ancılayın xəbər kimi. Xalü xətin Nəsimiyi oda buraxdı, yandırır, Gör necə xoş yanar, tütər, mişk ilə udi-tər kimi. * * * Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola? Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola? Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola? Adəmi növ’ində mislin görmədi dövri-fələk, Şol cəhətdən gər sana xeyrül-bəşər dersəm, nola? Şol gül üzrə dağılan ənbər sifətli sünbülə, Ənbərin reyhan, əcəb, ya mişki-tər dersəm, nola? Bilməyən eşqin təriqin hər xəbərsiz qafilə, Çün hidayət bulmamış, gər bixəbər dersəm, nola? Sənsiz, ey cani-cahan, bir pula dəyməz kainat, Heçə dəyməz nəsnəyə gər şol qədər dersəm, nola? Gər üzün ayın görənə, ey cahanın fitnəsi, Şübhəsiz həqqi görən sahibnəzər dersəm, nola? Kim ki, həqqi pərdəsiz üzündə, ey can, görmədi, Bibəsirətdir, gər ana bibəsər dersəm, nola? Zülfü rüxsarındır, ey can, sureyi-nurü düxan, Gər bu mə’nidən ana şamü səhər dersəm, nola? Nuri-imandır cəmalın – kim ki, səddəqna deməz, Kafirü müşrikdir ana div əgər dersəm, nola? Çün Nəsiminin məqamı Qaf imiş ənqamisal, Şol müəllaqədrə gər ari göhər dersəm, nola? * * * Şol tamam ayın üzündən çünki rəf oldu niqab Şol tamam ayın üzündən çünki rəf oldu niqab, Zülmətin dövranı keçdi, zahir oldu afitab. Ləblərin camı meyindən cümlə əşya əsrimiş, Təyyib, ey pakizə saqi, barəkallah, ey şərab! Ey yanağın həsrətindən cənnətin qəlbində nar, Vey dodağın şərbətinlən kövsərin eynində ab! Ey üzün həmra gülündən lalənin camında mey, Vey gözün sevdalarından nərgisin gözündə xab. Həq-təalanın kəlamı surətin təfsiridür, Ey üzün inna fətəhna, həqdən açıldı bu bab. Kirpigin, qaşınla zülfün həq kitabıdır, vəli Ol kitabı kim bilir mən indəhü ümmül-kitab? Surətin lövhündə yazılmış hürufu bilməyən Bilmədi sövmü səlatı, sağişi-yövmül-hesab. Abi-heyvandır dodağın, ruhi-qüdsidir dəmin, Surətin həqdir, üzün – vəllahu ə’ləm bis-səvab. Qaziyül-hacat imiş lə’lin məgər kim, aşiqə Hər nə kim, qıldı təmənna, üstəcib gəldi cavab. Dilbərin eşqində, ey salik, ikilik pərdədir, Mənligin rəf’ olmayınca aradan getməz hicab. Ey Nəsimi, səcdə qıl şol maha kim, həqdən sana Fə’budu əyyahu vəscud vəqtərib gəldi xitab. * * * Olmaya məstanə eynintək, şəha, məkkar kar Olmaya məstanə eynintək, şəha, məkkar kar, Karıma qoymaz məni hər bab ilə əğyar yar. Yarı əhdində vəfalı istəgil, ey dust, dust, Dust olanlar eyləsin aşiqinə naçar çar. Çarə istərsən əgər, sən daməni-dilgir gir, Girü dəstəm cana salma, ey üzü ənvar var. Varmıdır nisbət sana bir türk dər Maçinü Çin Çini-zülfünüz yenə əz nafeyi-tatar tar. Tari-zülfün aşiqin ruzun qılır şəbrəng rəng, Rəngi-ali zərd olur həm, ey üzü gülzar zar. Zardır hüsnündən ötrü ba ləbi-gülgün gün, Gün ötər xürrəm dutar ki, nərgisi-xunxar xar. Xarvəş ba hər kəsi sən güldən ötrü tizi tiz, Tiz Nəsimi cisminin sən yarğusunu yar, yar. * * * Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı, Bu xərabı qıldı mə’mur, xoş imarət yapdı. Məskənət saldı xəyalın könlümün viranına, Tərcüman qılsa gərəkdir gənci-məxfi tapdı. Zahida, inkara düşmə, olalım iqrari-eşq, Çün əzazil münkir oldu, əgri yola sapdı. Əjdəhayı göricək Musa əsasın daşladı, Əjdəha oldu əsası, əjdahayı qapdı. Zülfünüz çəkdi çəri gəldi Xəta, Çin üstünə, Xalınız qopdu Həbəşdən Rum elini çapdı. Mustafanın mö’cüzündən iki şəqq oldu qəmər, Heybətindən Heydərin dağlar yerindən qopdu. Can fəda qıldı Nəsimi əz dəmi-Fəzli-ilah, Başını top eylədi, çövkanın aldı çapdı. * * * Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam, Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam. Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz, Zahirdə gör bu surəti, aləmdə viran olmuşam. Lə’lin Məsiha mö’cüzün aləmdə əhya eylədi, Uş mən vüsalından anın sər-ta-qədəm can olmuşam. Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq, Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam. Anəstünarın sirrinə Musa kimi irsəm deyən, Gəlsin məni görsün ki, uş aləmdə dastan olmuşam. Gənci-nihanın sirriyəm, həm küntə kənzin məzhəri, Həm cövhərəm, həm cövhəri, həm cövhərə kan olmuşam. Üştə Nəsimiyəm bu gün kəndi vücudum şəhrinə, Fəth eylədim həqdən bu gün, xaqanü sultan olmuşam. Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş, Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam. * * * Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam, Qulluğunda padişahım, hüsnünə şad olmuşam. Gəlmişəm didarına ta canımı qurban edəm, Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam. Ta camalın müshəfindən oxuram səb’ül-məsan, Səb’əxanam, hafizəm, təfsirdə ustad olmuşam. Laməkanın eyni-mə’murundan oldun, ey həbib, Laməkan əsasına gör kim, nə bünyad olmuşam. Qamətindən ta iraq etdi məni dövri-fələk, Həsrətindən mən qulami-sərvi-azad olmuşam. Çün səni gördü Nəsimi der bəavazi-bülənd: Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam. * * * Təalallah ki, sünidən sənintək xoş camal eylər Təalallah ki, sün’idən sənintək xoş camal eylər, Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər. Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudan Nə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər. Üzü eyni-inayətdir şəhimin səm’inə degil: Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər? Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər, Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər. Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa, Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər. Yar ilə xəstə könlümün əcaib haləti vardır, Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər. Nəsimi yar hicrində ümid üzməz vüsalından Ki, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər. * * * Tutdu gülzari-cahanı əbri-gövhərbar bar Tutdu gülzari-cahanı əbri-gövhərbar bar, Bar darəd əbri-neysan yüz şəqayiqvar var. Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ, Bağ içində yanadır hər guşədə gülnar nar. Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd, Vərd üçün daim dolanır guşeyi-gülzar zar. Z’arzuyi-lalə sərv azad olur piruz ruz, Ruzü şəb gülşəndə dutmaz cüz gül əz dəyyar yar. Yar əgər zülfün çəkərsə gər dərü badam dam Damə düşgü sünbül olğu nafeyi-tatar tar. Tarını çeşmi-şəqayiqgirü tərfi-cuy cuy Cuyi-can pürabi-eyş et çün macalın bar bar. Barha ayıtdım, Nəsimi, qılma əz bidad dad Dad ilə könül dola çün lə’li-gövhərbar bar. * * * Ümmana girən eşq ilə, dürdanəyə uğrar Ümmana girən eşq ilə, dürdanəyə uğrar, Şükrana verən canını, cananəyə uğrar. Yanmaqdan əgər qorxur isən şəm’ə yapışma, Şol atəşi gör kim, necə pərvanəyə uğrar. Mənsur kimi cuşa gələr, söylər ənəlhəq, Hər aşiqi-sadiq ki, bu meyxanəyə uğrar. Getməz dünü gün cami-şərabı nəzərindən, Hər kimsə ki, şol nərgisi-məstanəyə uğrar. Təsbih ilə səccadəyi bir cür’əyə satar, Şol sufiyi-safi ki, bu peymanəyə uğrar. Əfsanə satar aşiqə əfsun ilə vaiz, Aşiq qaçan ol qissəvü əfsanəyə uğrar? Zəncir saçın şöylə dəli qıldı məni kim, Əqlin itirər kim ki, bu divanəyə uğrar. Girdi hərəmi-Kə’beyi-təhqiqə Nəsimi, Hənnanə təvaf eylərü mənnanəyə uğrar. * * * Üzün güldür, ləbin ləli-şəkərbar Üzün güldür, ləbin lə’li-şəkərbar, Gözün cadu, saçındır mişki-tatar. Mən aşiq olmuşam şol xəttü xala, Əgər qanım tökərsən, əllərin var! Mənəm yardan cüda, ol yar məndən, Ilahi, olmasın hiç kimsə biyar! Ayağın torpağından tutiyatək, Həzaran müştəri vardır xəridar. Nəsimi halını sorgil, nigara, Kəməndi-eşqinə olmuş giriftar. * * * Üzün günündən, ey qəmər, ənvara düşmüşəm Üzün günündən, ey qəmər, ənvara düşmüşəm, Anəstünarən olmuşam, ol nara düşmüşəm. Darüs-səlami-hüsnünə, ey cənnətin gülü, Düşdüm əzəldə, gör ki, nə gülzara düşmüşəm. Düşdüm xəyali-zülfünə, ey müttəqi, məni Təsbihə də’vət etmə ki, zünnara düşmüşəm. Fikrimdədir xəyalı gözünlə ləbin müdam, Yərəb, nə rəsmə xəmrəvü xummara düşmüşəm? Canü cahanı vəslü camalın bahasına Verdim əzəldə, gör ki, nə bazara düşmüşəm. Şeytandır ol ki, surətinə qılmadı sücud, Şeytana münkir olmuşam, inkara düşmüşəm. Ey vəhdətin meyindən uşalan xumarına, Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm. Faş eylədim cahanda ənəlhəq rümuzunu, Doğru xəbərdir, anın üçün dara düşmüşəm. Kən’ani Yusifin ləbi-şirini buldum uş, Fikr eylə kim, nə tüngi-şəkərbara düşmüşəm. Eşqin qədimü zülfü rüxün daimüləbəd, Yarəb, nə incə işü uzun kara düşmüşəm. Ey sübhdəm yeli, nə ögərsən tatarını, Mişkin saçında gör ki, nə tatara düşmüşəm. Hüsnün hürufunu mana verdi səbəq rüxün, Dərsim bu əbcəd olduvü təkrara düşmüşəm. Gördü Nəsimi mə’şuqunun üzünü bu gün, Həqqi bilən bilir ki, nə dildara düşmüşəm. * * * Üzün bədri cahanın danəsidir Üzün bədri cahanın danəsidir, Yerü göy, ayü gün pərvanəsidir. Cahanü dinü dil zülfünə, canım, Əgər layiq düşər, şükranəsidir. Üzündür ayətəlkürsi anınçün, Kəlamüllah məhrəmxanəsidir. Saçın zəncirinə düşdü bu könlüm, Müsəlsəl zülfünün divanəsidir. Qaşınla kirpigin, zülfünlə xalın, Hərami gözlərin məstanəsidir. Tutuşmuş eşq odu can ilə cismə, Bu dərdi kimsə bilməz yanəsidir. Üzündə abid olmuşdur Nəsimi, Nəsiminin bu gün cana nəsidir? * * * Üzün nuri-təcəlli məzhəridir Üzün nuri-təcəlli məzhəridir, Sözün dadlısı abi-kövsəridir. Rüxün şəm’i şüasından nünəvvər, Fələkdə mahü mehrü Müştəridir. Gözün sehrindən ol Harutü Marut, Asılmış Çahi-Babildə, yeridir. Fələklər üz sürərlər ayağına, Mələklər xidmətində çakəridir. Əzazil qaçdı vəslin qürbətindən, Anınçün tövqi-lə’nət zivəridir. Sədəfdir cümlə məxluqun vücudu, Vücudun ol sədəflər gövhəridir. Dəmi-Isa ölü dirildər, amma Dəmindən Xızr ilə Isa diridir. Camalın mö’mini mö’minə mir’at Ki, daim mö’minin ol mənzəridir. Nəsimi gövhəridir bəhri-eşqin, Bu bəhrə dalmayan divü pəridir. * * * Üzünü surəti-rəhman oxurlar Üzünü surəti-rəhman oxurlar, Xətini sünbüli-reyhan oxurlar. Əliftək cövhəri-yekta boyundur, Dodağın çeşmeyi-heyvan oxurlar. Boyun Tuba dedilər əhli-mə’ni, Belin incə, ləbin mərcan oxurlar. Əzəldən çün üzündür Misri-came, Üzünü sərbəsər Qur’an oxurlar. Üzün bağında bülbül, tuti, qumru Həzaran suz ilə dastan oxurlar. Üzün nuruna hər kim oldu münkir, Ana lə’nət, adın şeytan oxurlar. Bu gün çün hüsnünüzü yad edənlər, Üzün şəmsü məhi-taban oxurlar. Nə hikmətdir, əya, ey hüsnü ziba, Səni aləmlərə sultan oxurlar? Fəda qıl canını sən, ey Nəsimi Ki, canı yar üçün qurban oxurlar. * * * Üzündə surəti-rəhmanı gördüm Üzündə surəti-rəhmanı gördüm, Qaşında qafu vəl-Qur’anı gördüm. Oxudum dərsi-hüsnün ayətini, Yeddi müshəf kimi Fürqanı gördüm. Məhəmməd ümmətindən sən doğalı, Səni gözəllərin sultanı gördüm. Bizim məqsudumuz didarınızdır, Oxudum dəftəri-divanı gördüm. Məmat olmaz könül darül-fənada, Ləbintək çeşmeyi-heyvanı gördüm. Züleyxatək bu gün dərdə giriftar, Həzaran Yusifi-Kən’anı gördüm. Nəsimitək bu gün hər kim verər can, Yəqindir, gər desə cananı gördüm. * * * Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım, Əya, sərvi-sərəfrazım, fəda olsun sana canım. Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan, Fəda olsun sana min can ki, sənsən şahü sultanım! Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım, Əbirim, ənbərü mişkim, boyu sərvi-xuramanım. Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim, Çü lə’lü yaqutum, dürrüm, şikarım, gövhərim, kanım. Kəlamım, zikri-Qur’anım, kitabım, fikri-tövhidim, Namazım, razımü səcdəm, bəkülli cümlə ərkanım. Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm, Cavabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım. Həyatım, rahətim, mehrim, nicatım, ülfətim, zatım, Təbibim, şərbətim, Xızrım, vücudum, sihhətim, canım. Əzəldəndir mənim dərdim, sözü gerçək, qəmər bədrim, Mühibbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım. Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim, Həbibim, vey əzizim, ey əzəldə kamil insanım. * * * Üzünü məndən nihan etmək dilərsən, etməgil Üzünü məndən nihan etmək dilərsən, etməgil! Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil! Bərgi nəsrin üzrə mişkin zülfün Sən dağıdıb, Aşiqi bixaniman etmək dilərsən, etməgil! Qaşların qövsündə müjganın xədəngin gizləyib, Ey gözü məstanə, qan etmək dilərsən, etməgil! Canımı vəslin şərabından ayırdın, ey gözüm, Eynimi gövhərfəKan etmək dilərsən, etməgil! Qoymuşam eşqində mən kövnü məkanın varını, Can nədir kim, qəsdi can etmək dilərsən, etməgil! Bürqəi üzündən açarsan məgər naməhrəmə, Gizli əsrarı əyan etmək dilərsən, etməgil! Yandırırsan könlümü eşqində, məlum oldu ki, Anı risvayi-cahan etmək dilərsən, etməgil! Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur, Qəddimi neyçün kaman etmək dilərsən, etməgil! Çünki eşqin məskənidir könlümün viranəsi, Həsrətə anı məkan etmək dilərsən, etməgil! Çün yəqin bildi Nəsimi ağzının var olduğun, Ol yəqini sən güman etmək dilərsən, etməgil! * * * Var bu cahandan özgə bizim bir cahanımız Var bu cahandan özgə bizim bir cahanımız, Surət bu aləm oldu bizə, ol məkanımız. Zatına həyyü baqi demişlər bu cövhərin, Şol kim, bizim-cahanımız olmuş bu canımız. Ey də’vət eyləyən bizi firdövsə, eylə bil, Cənnətdən özgə vardurur ə’la məkanımız. Cövhər ki, dutdu aləmi rövşən günəş kimi, Andandır aşikara bu gənci-nihanımız. Cövhərləri zühura gətirdi çü nitqi-həq, Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız. Ol kim, bizim həqiqətimizdir xəyalımız, Yoxdur nişanı qılca, nə bilsin nişanımız. Sən bu Nəsiminin dilini anla, bil sözün Kim, var bu dildən özgə bizim bir lisanımız. * * * Vəchdən dilbər götürmüşdür niqab Vəchdən dilbər götürmüşdür niqab, Qəd nəcatəm min şitab illa nəcab. Qalə təbtəm, sirri çün qaşi, gözü İz əbəd aydır hürufi-lil-hicab. Əmr çün gəldi bəşarətlər bizə, Min həbibi indəhü elmül-kitab. Latələzmu gəldi əyyami-vüsal, İz fətəhtüm eyyühəl-üşşaq bab. İz rəfə-təl hicb, bir baxın bizə, Fənzəru fil-yovm qeyrən-niqab. Layənalu bu qapıdan getməniz, Zinqədər hərrəm əleynəl-ictinab. Əsməu Seyyid kim, aydır uş sizə; Və’ləmü vəllahü ə’ləm bissəvab. * * * Vəchində peydadır sənin ənvari-zati-kibriya Vəchində peydadır sənin ənvari-zati-kibriya, Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha. Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm, Fərhadivar istər könül Şirin dodağından şəfa. Cami-müsəffadən mənə saqi içirdi bir qədəh, Sufi nə bilsin mən necə ol camdən buldum səfa. Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir, Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha. Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm, Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya. Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil, Səndən müdam ehsan umar, çün kim, gədadır binəva. * * * Vəslin əcəb nə candır kim, canımış bəhası Vəslin əcəb nə candır kim, canımış bəhası, Üzün nə nurimiş gör kim, göz qıpar ziyası. Hər kim səni deməzsə rəhman sifətli həqsən, Itirmiş ol qaragün həqq ilə həqşünası. Nəqqaşı nəqş içində hüsnündə gördü zahir, Güzgüsünün üzündən hər kim gedirdi pası. Cəmşidi-aləm oldur mə’nidə, ey qəmər kim, Fərxəndə surətindir cami-cahannüması. Məstanə gözlərindən düşdü cahana qovğa, Ağını desəm anın, ya gözləri qarası. Ala gözündə həq çün yazmış on iki ayət, Uş müshəf, üştə təfsir, uş eyninin alası. Ey zahid, uşbu meydən faş oldu sirri-vəhdət, Tərk et ikiligi kim, bir rəngimiş boyası. Sufi boyandı alə, alindən olma qafil, Neçin ki, alı çoxdur zərq əhlinin libasi. Xubun üzünə baxmaq zahid xətadır, aydır, Fikri xətadır anın, əgridürür qiyası. Dünyavü axirətdə azad idim əliftək, Çəkdi məni bəlaya balasının bəlası. Səndən səni Nəsimi çün istədivü buldu, Bildi ki, həq qatında məqbul imiş duası. * * * Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan? Canımda can sənsən, vəli, istər səni can, qandasan? Vəslin şərabından məni saldı xumarın rəncinə, Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan? Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə, Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan? Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk, Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan? Rə’na boyun şövqündən uş həsrətdə yanar gözlərim, Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan? Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni, Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan? Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni, Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan? Cövri-cəfası çox fələk tufan gətirdi başıma, Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan? Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü, Ayrux nə hacətdir ana zəncirü zindan, qandasan? * * * Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək Yandırdı eşqin bağrımı, səndən mana dərman gərək, Gərçi yolunda aşiqin canü dili suzan gərək. Düşdüm yenə eşq oduna, büryan yürək, giryan gözüm, Hər kim ki, düşdü eşqinə, büryanü həm giryan gərək. Sun saqiya, kasən rəhiq, çal mütriba, eşq əzgüsün Kim, məst olan bu badədən qəltanü həm heyran gərək. Qalu bəladə can sana qılmışdı iqrar, ey sənəm, Imdi aramızda bizim şol əhdü şol peyman gərək. Şövqən tərani sirrini mən söyləyəydim, neyləyim, Məhrəm bu Turin sirinə Musa ibn Imran gərək. Hər kim vücudu şəhrini gəzdivü gördü şəhnəsiz, Yarğu anındır, ey sənəm, ol sahibi-divan gərək. Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə, Simurği-qafə qürb olan ərş üstünə cövlan gərək. Mən qul olanın quluyam, altun olanın puluyam, Hər kim bu yolda quldürür aləmdə ol sultan gərək. Görsət üzünü bir kərə, ta kim, Nəsimi can verə, Çün eydi-əkbərdir üzü, yüz can ona qurban gərək. * * * Yandırıcı firqətin yaxdı məni narinə Yandırıcı firqətin yaxdı məni narinə, Könlüm ulaşmaq dilər yari-vəfadarinə. Eşqə əsir eylədi canımı şol cövri çox, Lütf ilə bir baxmadı yari-giriftarinə. Oldu gözümdən iraq şol sənəmin surəti, Yarəb, irişdir məni dövləti-didarinə. Gərçi süzülmüş gözü eylədi sayru məni, Rəhməti anın qanı aşiqi-bimarinə? Yürəgimi yarəli eylədi şövqün, iriş, Yarəsinə bax bu gün, qoyma anı yarinə. Yandırıram canımı şəm’inə pərvanətək, Yanar imiş yar üçün vasil olan yarinə. Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı, Yox tut anı, heçə say, qalma onun varinə. Eşqinə qalu bəla çün demişəm sidq ilə, Əhdini sındırmazam, durmuşam iqrarinə. Yarə Nəsimi kimi canını qurban edən, Məhrəm olur ta əbəd məxzəni-əsrarinə. * * * Yarəb, nə səbəbdəndir olur taqətimiz taq Yarəb, nə səbəbdəndir olur taqətimiz taq, Çoxdan bəridir çeşmimiz ol çeşminə müştaq. Andan bəri kim, eynimiz ol üzünü gördü, Bir mu ilə asıldı canım, qaldı müəllaq. Gülzarə qədəm bas sənəmü saz ilə, mütrib, Gəl eyş edəlim zövq ilə, gər olmasa zərraq. Pərvanəsifət oldum o rüxsarına qarşı, Bel bağlamışam xidmətinə mən də çü üşşaq. Yazım der idim naməyi əz xuni-cigər mən, Töküldü yürək qanı yerə, tutmadı övraq. Gördü ki, tükənməz yazuban vəsf ilə şərhin, Qatlanmadı bu dərdə zəif, oldu qələm şaq. Ey hüsn iyəsi, aşiqə bir mərhəmət eylə, Sun lütf ilə biçarəyə bir cami-mürəvvaq. Gər istər isən yarı bu gün, pir tələb eylə, Gör kim, neçə yol göstərir ol piri-mühəqqaq. Allah ilə ol imdi, niyaz eylə, Nəsimi, Başəd ki, suçundan keçə, lütf eyləyə rəzzaq. * * * Yarın cəfası cümlə vəfadır, cəfa degil Yarın cəfası cümlə vəfadır, cəfa degil, Yarım cəfa qılur deyən əhli-vəfa degil. Mə’şuqu hər nə qılsa rəvadır mühibbinə, Illa fəraq oduna yaxmaq rəva degil. Hər kimsənin ki, qibləsi, ey can, sən olmadın, Irağə düşdü Kə’bədən, əhli-səfa degil. Eşqin əgərçi adını aqil bəla qomuş, Nə’mülbəladır əhlinə, bə’sülbəla degil. Qanı cahanda, ey könül, ol vəhdət əhli kim, Yüz min bəlavü möhnət ilə mübtəla degil. Səbrin şərabi gərçi müfərrihdir, ey həkim, Aşiqlərin davası bu acı dəva degil. Ey sevmə əhli-hüsnü camalı, deyən mana, Görməz gözün bu gözü əcəb, gər ə’ma degil. Surətdə adəm oğluvü mə’nidə div olan Oldur ki, həqqi tanımamış, aşina degil. Surətdə gərçi bənzişi çoxdur Nəsiminin, Mə’nidə adı hər həcərin kimiya degil. * * * Yüz min cəfa qılsan mənə Yüz min cəfa qılsan mənə, Mən səndən üz döndərmənəm. Canım ola qurban sənə Mən səndən üz döndərmənəm! Sevdim səni mən can ilə, Qul olmuşam qurban ilə, Qoy and içim Furqan ilə Mən səndən üz döndərmənəm! İsamısan, Musamısan?! Ya Yusifi-Kənanmısan? Vallah ki, canım canısan Mən səndən üz döndərmənəm! Ey Nəsimi, aşiqmisən? Həq yoluna sadiqmisən? Közyərməyə layiqmisən? Mən səndən üz döndərmənəm! * * * Yarımı ayırdı məndən çərxi-qəddar,iştə gör Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör! Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör! Yaxdı, yandırdı məni, yarın fərağı, neyləyim, Taqətim, səbrim tükəndi, yanıram zar, iştə gör! Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim, Çarəsi səndədir anın, çaru naçar, iştə gör! Doğradı qəmdən fəraqin bağrımı, şol yarədən, Ürəyim qanı gözümdən axar, ey yar, iştə gör! Ey güli-xəndanım, axır pərdədən çıx, qönçətək, Kim, məni şövqündə məcruh eylədi xar, iştə gör! Aşiqin imanı yüzündür, saçın həblülmətin, Mən yüzünü tutmuşam, belimdə zünnar, iştə gör! Gər "ənəlhəq" söyləməkdən darə asılsam nə qəm, Necə Mənsurun asılmış başı bərdar, iştə gör! Canımı,"anəstunar"-ın şövqinə yandırma kim, Olmuşam Musa kimi muştaqi-didar, iştə gör! Arizin vərdi cinandır, bülbülün ruhil-qüdüs, Ey bu dərdin aşiqi, açıldı gülzar, iştə gör! Ta səni təqdiri-yəzdan eylədi məndən cüda, Yandırır şövqün məni, ey yüzü gülnar, iştə gör! Çün Nəsiminin vücudin birinə yandırdı yar, Narə düşmüşdür həsəddən bunca əğyar, iştə gör! * * * Zühur eylədi cümlə əşyada həq Zühur eylədi cümlə əşyada həq, Qanı bir bəsirətli, açıqnəzər. Nəsimi kimi vahid ol yarilən, Ikilik sifətdən ikilik bitər. Ikilikdə qalan əzazil olur, Mələksiyrət insan ol anı gidər. * * * Zülfün girehləri, sənəma, həlqə-həlqə tab Zülfün girehləri, sənəma, həlqə-həlqə tab, Hüsnün qatında zərrəcə yox nırxi-afitab. Dərgahınızda qoyma rəqibi-münafiqi, Zira ki, Kə’bənin hərəmi istəməz kilab. Abi-rəvanü səbzəvü məhbubi-məhliqa Busi-kənarü yari-qəzəlxan ilə kitab. Xoşdur, əgərçi cümləsi bir yerdə cəm ola, Avazi-çəngü nəğməvü tənbur ilən rübab. Saqi, gətir bu məclis içində qədəh yürüt, Sığmaz hədisü tövbəvü təqva, gətir şərab. Nari-qəmində bağrımı büryan bişirmişəm, Bildim yəqin ki, nərgisi-məstin dilər kəbab. Bülbül kimi Nəsimi dilər ki, fəğan edə, Gül söhbətinə yaramiyə naleyi-ğürab. * * * Zülfün gecəsi qədrdürür, al yanağın ay Zülfün gecəsi qədrdürür, al yanağın ay, Merac üzün, sidrə boyun, qaşın iki yay. Aləmdə səni qıldı könül kəndinə məqsud, Fikri nə ulu nəsnə, zəhi əqlü zəhi ray. Əndişə ilə əqlim iki aləmi gəzdi, Sənsiz netəkim istədilər bulmadılar cay. Hər kim ki, saçın küfrünə iman gətirməz, Mö’min degil ol dinin itirmiş, ona çox vay. Ol başı ki, bəxt eyləmədi eşqinə qurban, Dəyməz ayağın tozuna, ey sərvi-dilaray. Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər, Ey nayə giriftar olan, dur yenə çal nay. Vəsfində Nəsimi deyil ol zat kim, anın Mislin görələr, ya bulalar zatına həmtay. * * * Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil! Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil! Bürqəi tərh eyləmişsən, ey qəmər, üzündən uş, Fitneyi-axırzaman etmək dilərsən, etməgil! Xəttü xalın "Məntiqüt-teyri"dir əhli-vəhdətin, Quş dilin sən tərcüman etmək dilərsən, etməgil! Çün ənəlhəqdən götürdü surətin mahı niqab, Sən həqi neçün nihan etmək dilərsən, etməgil! Surətin gənci-xəfidir, göstərərsən güzgüdə, Aləmi eyni-əyan etmək dilərsən, etməgil! Qəmzədən misri qılınc vermişsən əsrük türkə kim, Qanbəhasız necə qan etmək dilərsən, etməgil! Kirpigindən canşikar oxları düzmüşsən, məgər Qaşların yayın kəman etmək dilərsən, etməgil! Badə vermişsən pərişan zülfünü sən dağıdıb, Canları bixaniman etmək dilərsən, etməgil! Latəhərrük ayəti gəldi bəyanın şə’ninə, Ol bəyanı sən bəyan etmək dilərsən, etməgil! Ey Nəsimi, həqdən istərsən götürmək pərdəyi, Bütpərəsti bigüman etmək dilərsən, etməgil! * * * Gözlərim yarın qəmindən axıdar dürdanəyi Gözlərim yarın qəmindən axıdar dürdanəyi, Qəmdə yanar daima, gör aşiqi-pərvanəyi. Canını tərk eylə kim, bu yolda canan bulasan, Kim ki, can verdi bu yolda, buldu ol cananəyi. Nəqlini ərz etmə, vaiz, aşiqə hər dəmbədəm, Aşiqin halını bil, qoy bu uzun əfsanəyi. Gəl şərabi-xəmri nuş et, içmə hər peymanədən, Ta əbəd yarın qəmindən içmişəm peymanəyi. Çünkim aydırsan həqi hər yerdə hazırdır, neçin Fərq, ey qafil, edərsən məscidü meyxanəyi? Gəncü mə’mur eyləyən könlümdə yarın vəslidir, Vəsl ilə mə’muri buldum, neylərəm viranəyi? Istərəm çünkim bulunmaz saçının hər tarəsi, Gizləmişdir, qafil olma, zülfi-mişkəfşanəyi. Zülfünün sevdası irdi aşiqi-divanəyə, Zülfünə qıldı müqəyyəd aşiqi-divanəyi. Mə’rifət satır gəlir hər mə’rifətsiz canəvər, Bibəsərdir, aşina bilmə qo bu biganəyi. Çün cəmalından Nəsimi əbcədi qıldı tamam, Oxudu andan götürdü sinü şin dəndanəyi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nasimi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1419). Public domain (author died 1419). Original text only.