Bahadır və Sona Nəriman Nərimanov (1870–1925) Bahadır və Sona ƏHLİ-MƏCLİS B a h a d ı r-- cavan oğlan, student libasında. Y u s i f-- Avropa libasında, 50 yaşında. M a ş o-- onun arvadı, 40 yaşında. S o n a-- cavan qız, Yusifin qızı. D a n i e l-- Yusifin nökəri, 17 yaşında. S o l t a n, A l e k s e y-- Bahadırın yoldaşları, student libasında. Z i n o l i n-- Bahadırın nökəri, tatar paltarında. B e ş d ə l i (paltarları -- beşinci məclisə bax.) N ə z a r ə t ç i-- dəlixananın böyüyü, ağ xalatlı, başında ağ yaylıq. * * * Birinci məclis Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar. ƏVVƏLİNCİ GƏLİŞ Zalda Maşo və Sona. M a ş o. Bir az tez ol, indi gələrlər, saat 12-dir. S o n a (güzgü qabağında başını düzəldir). Bu saat, anacığım! Bu saat! M a ş o. Bu qulluqçuya deyərsən xörəyi də tez hazır etsin. S o n a. Yaxşı, anacığım, yaxşı! (Bu vaxt zəng vurulur.) Gəldilər! M a ş o. Gəldilər! (Maşo və Sona tez yan otaqdan çıxırlar.) İKİNCİ GƏLİŞ Yusif və Bahadır. Y u s i f. Buyurunuz, əyləşiniz! Siz bizim evə xoş gəlibsiniz! B a h a d ı r. Təşəkkür edirəm! Y u s i f. Təəccüb deyilmi? Sizinlə görüşməmişdən bir neçə gün müqəddəm mağazaya qeyri studentlər də mal almağa gəlirdilər. Nə üçün sizə etdiyim təklifi onlara etmədim, bilmirəm. Sizi görəndə isə deyəsən biri dedi sizdən soruşum. B a h a d ı r. Bəli, çox təəçcüblüdür! Mən də tamam bir həftədir mahud almaq istəyirdim, fəqət bu gün-sabaha qoyurdum. Nə üçün mən dünən mahud almağa getdim, bilmirəm. ÜÇÜNCÜ GƏLİŞ Sona, Bahadır, Maşo, Yusif. Y u s i f (ayağa durub Maşonun qabağına gedir). Bu mənim yoldaşım. (Sonaya tərəf.) Bu da mənim qızım. (Bahadırı göstərib.) Bu da haman studentdir ki, dünən sizə nəql etdim. Yəni Sonanın müəllimi. B a h a d ı r (durub hamısına əl verir). Artıq dərəcədə şadlıqla bu vəzifəni qəbul edirəm. (Sonaya diqqətlə baxıb kənara.) Əcəba! Bu, meşədə gördüyüm qız deyilmi? M a ş o. Təşəkkür edirik. S o n a. Təşəkkür edirəm. (Diqqətlə Bahadıra baxıb.) Əcəba! Bu, meşədə gördüyüm student deyilmi? Y u s i f. İndi siz söhbətə məşğul olun. Mən bu saat gəlirəm. (Bağçaya gedib stol hazır etdirir və Daniel stolu hazırlayır.) M a ş o. Həqiqət, sizinlə dost olmağımıza nəhayətdə şadıq! S o n a. Bəli, anamın sözlərinə mən də şərikəm! B a h a d ı r. Doğrusu, bu saatı ömrümdə gözəl saatlardan biri hesab edirəm. M a ş o (gülə-gülə). Məngilis xoşunuza gəlirmi? B a h a d ı r. Bəli, gözəldir. Şam ağacından meşə daha gözəl görsənir. Y u si f. Buyurun, bağçaya gedək. (Hamı durur, pillkənlə bağçaya enir. Stol başında Yusif, bir başında Maşo, bir tərəfdə Bahadır, onunla üzbəüz Sona.) Naharımızı burada edək. Bilirsiniz, yaylağın bir yaxşılığı da budur ki, şəhərdəki kimi dürlü-dürlü qanunları gözləmirsən. Məsələn, burada bir kölgəlikdə oturub xörək yemək olar.... (Bahadıra.) Hərgah istidirsə, tucurkanızı çıxarın. B a h a d ı r. Xeyr, xeyr! Y u s i f. Buyurunuz, yeməklə məşğul olunuz. (Hamı yeyir.) B a h a d ı r. Bağışlayınız, Sona xanım, sizdən bir şey soruşum? S on a (gülümsünüb). Buyurunuz! B a h a d ı r. Nə üçün siz farsca oxumaq fikrinə düşübsünüz? Y u s i f (gülümsünüb). Qızım! Olarmı bu suala mən cavab verəm? S o n a (gülümsünüb). Bilirəm nə deyəcəksən, de. Y u s i f (yeyə-yeyə). Doğrusu, hər adamın bir naxoşluğu olar. Biri görürsünüz papiros çəkir, biri içki sevir. S o n a. Atacığım! Bunlara insan adət edir, nəinki sevir. Y u s i f . Yaxşı, qızım, mən səhv etdim, adət edir. Məsələn, biri tansı sevir, o birisi musiqini. (Sonaya.) Beləmi, qızım? S o n a (gülümsünüb). Bu yarar, mətləbi belə başlasan, axırda düz gələr. Y u s i f (Bahadıra göz vurur). Yaxşı, qızım! Sən deyən olsun. Biri musiqi sevir, biri tans, Sona da, məsələn, dil bilmək sevir, yəni dillərə aşiqdir. (Sonaya.) İndi yaxşı dedimmi, qızım? H a m ı (gülürlər). Ah! Ah! M a ş o. Həqiqət, Sonanın uşaqlıqdan dillərə məhəbbəti var. Tiflisdə, bizim qonşuluqda müsəlman çox olurdu. Yeddi yaşında türk dilini təmiz bilirdi. Bir çətin söz eşidəndə bir neçə dəfə onu təkrar edərdi ki, o sözü unutmasın. İndi də yadımdan çıxmaz, bir gün unutmasın deyə səhərdən-axşamadək deyirdi: "Tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox". H a m ı (gülürlər). Ah! Ah! B a h a d ı r (Sonaya). Xanım əfəndi! Bu tapmacanı unutmuyubsuz ki? S o n a (gülümsünüb). Xeyr! Bundan savayı çox tapmacalar bilirdim. Çoxunu, əlbəttə unutmuşam; fəqət bunu çox sevdiyimdən unutmamışam. Həqiqət, çox gözəl şeydir: tap tapmaca, gül yapmaca, məməli xatın, dişləri yox! H a m ı (gülürlər). Ah! Ah! Y u s i f (Bahadıra). Bundan çox şeylər eşidəcəksiniz. Türkcə yaxşı şerlər bilir.... O necədir, qızım? (Sonaya tərəf.) Yarəb.... S o n a, (gülümsünüb). "Yarəb, həmişə lütfünü et rəhnüma mənə. Göstərmə ol təriqi ki, getməz sənə, mənə". B a h a d ı r. Yaşayınız, afərin, xanım əfəndi! Nə təmiz, nə gözəl ləhcə ilə bu şeri buyurdunuz.... Y u s i f. Afərin, qızım! S o n a (baş əyir). Təşəkkür edirəm. Bu mənim sevgili duamdır. Təklikdə qəm mənə üz verərsə bunu oxuyuram. Ürəyim sakit olur. Bilirsinizmi, mən ixlasla inananlardanam. Əvvəl səbəbə belə şerləri sevirəm, hər dildə olmuş olsa da. B a h a d ı r. Necə inananlardansınız? Düşünmürəm xanım əfəndi? S o n a. Məncə, inam məsələsində adamlar beş qism olur. Y u s i f. Siz söhbət edin. (Çıxır.) M a ş o. Mən də bu saat gəlirəm. (Çıxır.) S o n a. Bəli, məncə, inam məsələsində insanlar beş qism olur. B a h a d ı r. Buyurun. S o n a. Bir qism avam kor-korana, hər nə deyərsən, inanar, yəni qulluq etdiyi məbudu öz əqli ilə tanımayıb qeyrilərin sözlərilə tanıyır. Bu qism adamları haraya aparsanız gedərlər, nəyə müqəddəs deyərsən inanarlar, heç bir şeyə gərək olmayan şeylərə səcdə edərlər, quru daşları öpər ki, --bununla belə uşaq kimi ürəkləri saf, dəyanətli, nəhayət dərəcədə sadiq və mehriban olub, dürüst olanı tanımaz. Yəni, onun varlığını bütün vücudla hiss etməz. İkinci qism adamlar öz əməllərində bir şeyə inanmayıb, fəqət əvvəlinci qism adamlara həmişə yol göstərən olarlar. Ürəkləri saf avamlara həmişə deyərlər: inan, özləri inanmazlar, filan şeyə səcdə et, özləri etməzlər. Zahirdə hər bir əməli yerinə yetirərlər, fəqət batində nəinki bərəksinə hərəkət edərlər, hətta biçarə avamlara gülərlər.... Bu qism adamlar həmişə allahdan, onun ehkamından dəm vurarlar, fəqət özləri öz dediklərinə inanmazlar.... Çünki həqiqi məhəbbəti-rəbbaini bunlarda olmaz və ola da bilməz. Çünki həqiqi məhəbbət hər bir şeydən təmiz, müqəddəs bir hissdir. Bunlar isə həmin məhəbbəti hər saatda, hər dəqiqədə bazarda alma satan kimi satarlar, çünki bunu özlərinə sənət ediblər. Miz qayıran usta mizə gündə bir rəng verib satan kimi, bu qism adamlar allahın ehkamını da dürlü-dürlü məna verib, avama satarlar. Allahın varlığını bunlardan soranda yüz min dəlillər ilə təsdiq edirlər. Fəqət gizlində vicdanlarını daima satarlar.... Üçüncü qism adamlar avara bir qismdir. Bunlar nə avamdırlar, nə də alim. Bunlar bünövrəsiz yalançı pəhləvanlara bənzərlər. Onun-bunun ağzından yarımçıq məlumatları alıb, öyrənib, din məsələsinə həmişə girişərlər. Özlərini ariflər cərgəsində tutub zahirdə bir şeyə inanmazlar, batində isə hər bir müşkül işlərində tez allahı köməyə çağırarlar. Fəqət allah nə olduğunu da düşünməzlər. Dördüncü qism: müəyyən bir əqidə sahibləridirlər. Bunlar tam ömürlərini elm yolunda sərf edib, elmdən başqa bir şeyə pənah aparmazlar və inanmazlar.... Qeyriləri ancaq dəhşətli bir vaqiədə allahı köməyə çağırırlarsa, bunlar belə bir halətdə də elmdən başqa heç kimə səcdə etməzlər. O ki, qaldı beşinci qism (gülümsünüb), bu qism adamlar mənim kimi olar. (Başını aşağı salıb.) Bu qism adamlar bir allahdan başqa heç bir şeyə inanmazlar. Fəqət allaha olan məhəbbət qorxu səbəbinə olmayıb, yəni demək istəyirəm həm dəhşətli bir vaqiədə və həm də böyük bir səadətdə bulunduğum halda mən allahımı unutmuram, onu var qüvvətimlə sevirəm, onu hər zamanda, hər məkanda görürəm, hiss edirəm, düşünürəm. Gecə ulduzlu, gündüz təmiz, buludsuz göyə baxıram da allahımı düşünürəm. Bu gözəl gülün ətri, nazik zərif yarpaqları, o bülbülün nəğməsi, bu qırmızı gözəl almalar, almalarda olan toxumlar, toxumlardan əmələ gələn budaqlı, gölgəli ağaclar, bu ağacları becərən insanlar, insanlara tabe olan dəhşətli heyvanlar ... bunların hamısında, bütün həyatımızda hər saat, hər dəqiqədə allahı görürəm, hiss edirəm, düşünürəm.... Ah, inanmaq nə böyük səadətdir! Yarəb, həmişə lütfünü et, rəhnüma mənə. Göstərmə ol təriqi ki, getməz sənə, mənə! Bu sözləri həmişə təkrar edəndə sanki bir böyük dağ üstümdən götürülür. Bu mənim sevgili duamdır, bunu zikr etdikcə, guya ürəyim təmizlənir, ümidim artır. İstiqbalım böyük bir səadətdə görünür.... Ah, nə gözəl bir aləmdir! Tam həyat məhəbbətdən ibarət bir şey görünür. İnanınız. İnanmaq böyük səadətdir. Y u s i f (pilləkəndən düşə-düşə). Bunlar şirin söhbətdədirlər. (Sonaya.) Qızım! Bahadır bəy bu üç ay leksiyalardan xilas olub rahat olmaq istəyir, sən başlayıbsan leksiya oxumağa. Ah, ah! (Bağçada gəzinir.) B a h a d ı r. Xeyr, xeyr, çox yaxşıdır! S on a (Bahadıra). Əfv edin, sizə başağrısı oldu, deyilmi? B a h a d ı r (gülümsünüb). Yox, xanım əfəndi, sözlərinizə artıq dərəcədə qulaq asıram. Sizin sözləriniz məni bir qeyri aləmə dəvət edir. Doğrusu, mən özümü dördüncü qismdən hesab edirdim. Yəni elmdən başqa heç bir şeyə inanmazdım. Fəqət indi (fikirli) siz məni bir qeyri aləmə dəvət edirsiniz.... Həqiqət, görünür mən də böyük bir səadətdə olacağam. İnanacağam, allahımı sevəcəyəm, hiss edəcəyəm, düşünəcəyəm.... (Bir az fikirdən sonra.) Mən sizi dünən meşədə gördüm, siz arxanız üstə uzanıb kitab oxuyurdunuz ... və hərdənbir ətrafınıza baxırdınız.... S o n a. Mən də sizi gərək ki, gördüm, siz məni görüb nə fikir etdiniz? B a h a d ı r. Sizinlə tanış olmağı mən dərhal fikrimdən keçirtdim.... S o n a (yerə baxıb). Mən də.... (Tez yerindən durub Yusifə tərəf gedir, qucaqlayır.) Atacığım, bilirsənmi bir qəribə iş olubdur! Dünən biz bir-birimizi meşədə görmüşük. Hər ikimizin xəyalından bir-birimizlə tanış olmaq keçibdir. İndi bu işə heyran qalmalı deyilmi? Y u s i f (gülümsünüb). Bundan məlum olur ki, siz ikiniz də saf ürəkli cavansınız. Siz təmiz ürəklə bir-birinizi görmək istəyibsiniz. Allah da sizi görüşdürübdü.... Mən yəqin etmişəm, daha doğrusu, inanmışam; təmiz ürəklə nə istəsən allah axırda onu verər. İndi mən çox şadam ki, Bahadır bəy sənə dərs verəcəkdir. (Sonanın başını seyqəl edir. Bahadıra.)Bahadır bəy! Əsil məqsud budur ki, Sona türk, fars dillərini doğrudur, sevir: fəqət sevməkdən savayı bu dilləri bilmək Sona üçün xeyirsiz də deyil. Sona bir çox erməni qəzetələrində yazır, erməni ədəbiyyatında məşhur olubdur. İndi İrana dair bir şey yazmaq fikrindədir, ona görə farsca bilməsi məsləhətdir. Mən sizdən təvəqqe edirəm sabahdan köçüb bizə gələsiniz. Bu üç ay yayı bizimlə bir yerdə olasınız. Həm sizin üçün və həm də Sona üçün yaxşıdır. B a h a d ı r. Artıq dərəcədə özümü xoşbəxt bilirəm. Y u s i f. İndi qızım, Bahadır bəyə otaq göstər, sabahdan köçüb gələr. Allah xeyir versin. (Bahadır, Sona zala gedirlər, Yusif bağçadan çıxır.) PƏRDƏ * * * İkinci məclis Bağçada. B a h a d ı r (tək oturub əlində qəzet oxuyur. Bup az fikirdən sonra.) Avqust ayı da gəlib çatdı.... Günlərim, dəqiqələrim ciddi surətdə yeriş edir.... Mümkün olsaydı, dəqiqələrimi gün, günlərimi ay edərdim. Sona kimi təmiz, pakizə bir vücuddan ayrılmaq dəhşətli bir vaqiəyə hazırlaşmaq kimi nəzərə gəlir.... ƏVVƏLİNCİ GƏLİŞ Sona və Bahadır. S o n a (əlində kitab, gülə-gülə gəlir). Siz dünən millət sözünü bəyan edib dediniz, "millət bir dində bulunan camaat". Fəqət bu gün oxuyarkən "qövm" sözü rast gəldi və haman mənada işlənir, deyilmi? B a h a d ı r (yerindən durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mənada işlənir. Fəqət yaxşı olar ki, işlənməsin. Məsələn: xristian milləti dedikdə bir çox qövmün bir dinə qulluq etməyini göstərir: ruslar, fransızlar, almanlar, xristian millətidirlər, türklər, ərəblər, farslar bir dinə qulluq etməklərinə səbəb islam milləti adlanırlar.Fəqət bunların hər birisinin özlərinə məxsus adətləri, dilləri vardır. Demək ki, bir çox qövmlərin birləşməyinə din səbəb olarsa da, hər bir qövmə məxsus dil və adət onları bir-birindən ayırır. Din qövmləri bir nöqtədə birləşdirərisə qövmiyyət bunları yüz nöqtədə bir-birindən ayırar. Din bir çox qövmə ümumi bir tərəqqi yolu göstərər isə hər qövmə məxsus tərbiyə, adət, dil haman qövmün qeyri bir yol ilə tərəqqiyə yeriş etməyinə səbəb olar. (Fikir). Xristian dinində olan qövmlər ciddi bir sürətlə yol tutub gedirlər. Bir qövm elmdə artıq dərəcədə tərəqqi edirsə də o birisi onun dalınca çaparaq gedir. Fəqət.... Ah!.... (Başını tutur.) S o n a (Bahadıra diqqətlə baxır). Bahadır bəy! Nə üçün ah çəkdiniz? A! Nə üçün əhvalınız dəyişdi. B a h a d ı r. Heç, xanım əfəndi! S o n a. Xeyp, sizin ahınızdan mən özgə bir şey anladım. Təvəqqe edirəm məndən heç bir şeyi gizlətməyəsiniz. B a h a d ı r. Həqiqət, xanım əfəndi, sizə dair bir söz demədim! S o n a. Bahadır bəy! Hərgah indi çəkdiyiniz ahın mənasını söyləməsəniz, ürəyimdə bu bir böyük dərd olar. Bilirsiniz, qızın ürəyi oğlanınkı kimi deyil. B a h a d ı r. Xanım əfəndi! Mən xristian dinində olan qövmləri nəzərimdən keçirdikdə dedim: bu qövmlər tərəqqi yolunda çaparaq bir-birini qovurlar. Bu vaxt istədim islam dinində olan qövmlərdən də sizə misal gətirəm. Fəqət onlar pərişan bir halda nəzərimə gəldi.... Budur, xanım əfəndi, mənim ahımın səbəbi! S o n a (ətrafa baxıb bir az fikirdən sonra Bahadırın əlindən tutub). Fikrinizi aşkar etmək üçün təşəkkürlər edirəm. Ümidvaram ki, bundan sonra bu barədə fikirlərinizi məndən gizlətməyəsiniz.... B a h a d ı r. Xeyp, xanım əfəndi! Gizlətmərəm ,fəqət söyləməyə də sözüm yoxdur. Nə söyləyim də? İslam dinində olan qövmlərin hankı birini meydana gətirib də dedim: budur, tərəqqi yoluna üz qoyub gedirlər.... Nə isə, islam milləti ümumən bir bəlaya mübtəladır. S o n a. Həqiqət, çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilər bu yolda böyük rollar oynayırlar, deyilmi? B a h a d ı r (gülümsünub). Bəli, xanım əfəndi! Zahirdə həqiqət belə görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım gəlir. Hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə düşmən olublar, yəni tərəqqi yolunu mümkün olan qədər camaatın üzünə bağlı qoyublar. Lakin bu məsələdə xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da padşahlar və dövlətlər ruhanilərlə müdam müharibədə bulunublar. Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyib.... Padşahlar, daha doğrusu,dövlətlər isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin tərəqqisinə çalışmağa labüd olublar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin zəncirlərindən yavaş-yavaş xilas edibdir: müsəlman aləminə diqqət edərsinizsə, bu müharibəni görməzsiniz. Padşah həm xəlifə olubdur, həm də dövlətin yol göstərəni. Padşah, ya xəlifə, ya zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu yer üzünə qəsdən və ya səhvən bağlayıbdır.... Daha açıq söyləyim: insanın məişətinə, dünyasına dair məxsusi qanunlar ibadətə dair qanunlarla bir gücdə saxlanıbdır. Xristian aləmi haman müharibənin zoruna bu qanunları bilmərrə ayırıbdır. Yəni xristian ağlı müdam tərəqqi yolunda işlərkən müsəlman ağlı əski qanunlarla kifayət edib paslanm?sd?r.... Demək ki, islam barəsində bədgüman olanlar "lujiq" aləmində öz səhvlərini düşünməyirlər. İslam həqiqət, tərəqqiyə, yəni elmə düşmən olsa idi, ərəblər islamı qəbul edəndən sonra bir zaman tərəqqi yolunda olmazdılar. Əcəba, nə üçün əxlaqları büsbütün pozulmuş ərəblərə dini-islam gəldi? Əlbəttə, əxlaqı pozğun qövmün əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək üçün. Açıq söyləyim: bir camaat, ya qövm üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat, ya qövm səbəb olar, deyilmi? S o n a. Bəli. B a h a d ı r. Belə olan surətdə demək olurmu: filan din, filan camaatın, ya qövmün təmizliyi üçün gəlibdir? Buna bərəks gərək deyilə: hər din camaatın tərəqqisi üçün gəlir, din gətirən camaatın xeyrini nəzərdə tutur. Dini qəbul edib onun intişarına çalışanlar nazik bir nöqtəni anlamaq istəmirlər.... Xristian dinini intişar edənlər bir Lüterin çıxmağına səbəb olan kimi islam aləmi də öz Lüterini gözləyir. Bu "Lüter" gəlib də deyəcək: insan daima tərəqqi yolunda yaşayarkən, onun məişəti və ağlı müəyyən, həmişəlik bir qanuna kifayət edə bilməz. Haman bu mətləbi islamı gətirən aşkardeyibdir: hər bir işi ağla həvalə et, ağıl nə buyurarsa, ona əməl et. Fəqət bu iki mənsəb --padşahlıq-xəlifəlik, bir vücuddan olmaq, yəni fikir olunan müharibənin olmamağı bu gözəl və tamam düyünləri açan sözlərin gizlin qalmasına səbəb olubdur. S o n a. Bəli ... düşünürəm.... Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir. İKİNCİ GƏLİŞ Sona, Bahadır, Daniel. D a n i e l. Bahadır bəy! Yoldaşınız Aleksey sizi görmək istəyir. B a h a d ı r (ayağa durur). De gəlsin. S o n a. Yavaş, qoy mən gedim sonra. B a h a d ı r. Nə üçün, xanım əfəndi! Siz tanışsınız ki. S o n a. Yox, yenə necə olsa yaxşı deyil, bəlkə gizli sözü var. B a h a d ı r. Yaxşı, xanım əfəndi! S on a (Danielə). De gəlsin. (Özü çıxır). D a n i e l. Baş üstə. (Gedir). ÜÇÜNCÜ GƏLİŞ Bahadır, Aleksey. A l e k s e y (Bahadıra əl verib). Nə üçün bu neçə gündür görünmürsən? B a h a d ı r (yer göstərir). Aleksey! Bir az kefsiz idim. A l e k s e y. İndi, doğrusu, Məngilisin də ləzzəti gedir. Yağış tez-tez yağmağa görə heç yerə getmək olmayır. Dünən səhərdən axşamadək yağmura görə evdə oturmuşam. Yaxşı ki, səndən qəzetələr aparmışdım. Hamısını oxudum, vaxtımı keçirdim.... Amma "Tərcüman" qəzetəsində bir məqaləyə diqqət etdim. B a h a d ı r. Nə xüsusda? A l e k s e y. Dil xüsusunda yazılmış məqalə. B a h a d ı r. Doğru deyirsən, diqqət olunmalı məqalədir. A l e k s e y. Nə əcəb, türklər bu vaxtadək bu məsələyə diqqət etməyiblər? B a h a d ı r. Türklər də, biz də dil məsələsində hələ bir nöqtəyə gələ bilməmişik. Hankı dil ədəbi dil olmağını bu vaxtadək həll edib qurtarmamışıq. Bu barədə iki bir-birinə bərəks təsəvvür görünməkdədir. Yazanlarımızın əksəriyyəti deyir: ədəbi dil ərəb, fars sözlərinin çox olmasına bağlıdır. Bir çox azı da deyir: ədəbi dil orta qism adamın dilidir. A l e k s e y. Sən nə fikirdəsən? B a h ad ı r. Mən.... Mən deyirəm: ədəbi dil camaat dilidir. Yəni, camaat hankı dildə danışırsa, o dildə də yazmaq gərəkdir. Məncə, ədib camaata tabedir, nəinki camaat ədibə. DÖRDÜNCÜ GƏLİŞ Bahadır, Aleksey, Yusif. Y u s i f (balkondan). Rüsxətmi? Sizə mane olmuram? B a h a d ı r (yerindən durur). Xeyr, xeyr! Buyurunuz. Y u s i f (Alekseyle görüşüb). İki student ki, bir yerdə oldu, həmişə mühüm söhbət olunar, deyilmi? Ah! Ah! B a h a d ı r (gülə-gülə). Xeyr! Çox vaxt boş danışıq da olur. Fəqət indiki söhbətimiz doğrudan da mühüm söhbətdir. Y u s i f. Mən dedim! Ah, ah! Xeyr, mən səhv etmirəm. A l e k s e y. Bəli, yaxşı bilibsiniz! (Gülür.) Y u s i f. Bilirsinizmi, mən özüm az oxumuşam. Atamın tək oğlu olduğuma görə atam öləndən sonra oxumaq mümkün olmadı. Ancaq gimnaziyanı qurtarmışam. Əlbəttə, indi çox heyfsilənirəm. Bununla belə, məlumatım artsın deyə, çox oxumuş adamların söhbətlərini sevirəm. B a h a d ı r. Maşo xanım və Sona xanım kimi elmli xanımlarla siz həmişə söhbətdəsiniz. Bunun özü bir xoşbəxtlikdir! Y u s i f (gülə-gülə). Bu neçə ilin ərzində onlardan öyrəndiyimi öyrənmişəm. İndi sizdən də öyrənmək istəyirəm. B a h a d ı r, A l e k s e y. (gülürlər). Ah! Ah! Y u s i f. Gülərsiniz! B a h a d ı r. İndi öyrənmək istəyirsiniz, buyurunuz. Siz gəlməmişdən biz dil xüsusunda söhbət edirdik. Yəni, hankı dilə ədəbi dil demək olar, məsələsini müzakirə edirdik. Məsələn, qeyri millətlər dillərini, yazılarını asan etmək istərkən, müsəlmanlar dillərini və yazılarını daha da çətinə salırlar. Y u s i f. A!.... Bu artıq dərəcədə əhəmiyyətli məsələdir. Axı deyirəm iki student bir yerdə olanda əhəmiyyətli söhbət olunar. İndi siz bir az səbr ediniz. (Durub qulluqçunu səsləyir.) Daniel! Daniel! Bura çay gətir. Xanımlara da de gəlsinlər. (Gəlib oturur). İndi mən sizə qəribə əhvalat nəql edəcəyəm. Biz Tiflisdə olarkən bizimlə qonşu bir müsəlman mağazası var idi. Bunun sahibi həmişə müsəlman qəzetəsi alıb oxuyandan sonra oxuduğunu mənə nəql edirdi: "Qonşu, filai şəhərdə filankəsi öldürüblər, filankəsin evini yarıblar, nə bilim, filan yerdə filan adam işləyərkən quyuya düşub boğulubdur". Həmişə də belə xəbərlər deyərdi. Bir gün yenə belə bir xəbər nəql edəndən sonra mən dedim: qonşu! Bəyəm sizin qəzetələrdə ancaq adam öldürməkdən, ya oğurluqdan yazırlar? Qonşum təəccüb ilə mənə baxıb dedi: "Qeyri şey yazırlarsa da, mən bilməyirəm. Ancaq bu əhvalatları oxuyuram". Mən dedim: xeyr, ola bilməz ki, qəzetələrdə ancaq belə xəbərlər olsun. Bizimqəzetələrdə siyasi, milli, elmi məsələlərə dair həmişə yazırlar. Mənim sözlərimin cavabında dedi: "Bizim qəzetələrdə də yazırlar. Fəqət mən oxusam da düşünmürəm. Ona binaən ancaq "Xəbərləri" oxuyuram". Ah! Ah! (Gülürlər.) B a h a d ı r. Dürüst deyir! BEŞİNCİ GƏLİŞ Əyləşənlər, Maşo, Sona. Y u s i f. Budur, xanımlar da gəldilər. M a ş o (Aleksey ilə əl verib). Xoş gəlibsiniz. S o n a (Alekseyə). Çoxdandır görünmürsünüz. A l e k s e y. Bəli, hava müqəssirdir. ALTINCI GƏLİŞ Daniel çay gətirib stol düzəldir. Stəkan və samovar qoyulmuşdur. S on a (çay qoyur). Atam çox gülürdü, səsini eşidirdim. Görəsən sizə nə nəql edirmiş? Y u s i f. Mən gəlib söhbət üstə çıxdım və bildim də nəyə dair söhbət edirlər. Hərgah sən də bildin? M a ş o (gülümsəyib Bahadıra baxır). Bilirsiniz, Yusif həmişə deyir: iki bir sənətdə adam bir yerdə rast gəlsə öz sənətlərinə dair söhbət edirlər. Məsələn, deyir: iki müəllim bir-biri ilə ya dərsdən söhbət edirlər, ya kitablardan; iki ovçu ovdan söhbət edirlər, sövdəgarlar alış-verişdən, iki arvad rast gəldilərsə, modadan, paltardan danışırlar. H a m ı (gülürlər). Ah! Ah! A l e k s e y. Çox vaxt doğrudan da belə olur. S o n a. Mən, həzərat, bu sözlərə şərik deyiləm. Arvadlar barəsində deyilən sözlər səhvdir. Arvadların modadan başqa əcəba, söhbətləri yoxmu? Y u s i f (gülə-gülə). Qızım, hirslənmə, mən hamı arvadları demirəm. Əksər övqat söhbət modadan olmağını söyləyirəm. S o n a. Xeyr, atacığım, mən hirslənmirəm. Fəqət bir-iki arvadın modadan söhbət etməyini hamı arvadlara isnad vermək səhvdir, zənn edirəm. Bir neçə kişinin əksər övqat qumardan dəm vurmaqları ümumi kişilərə ləkə salırmı? Yox, əlbəttə. B a h a d ı r. Afərin, xanım əfəndi! Afərin! Y u s i f (gülə-gülə). Yaxşı-yaxşı, arvadlar nəinki modadan, hətta buna oxşayan şeylər barəsində də söhbət etmirlər....Ah! Ah. H a m ı (gülürlər). Ah! Ah! A l e k s e y (durub getmək istəyir). Sağ olun! Y u s i f. Oturun! Daha çay için. A l e k s e y. Təşəkkür edirəm, vaxt daralıbdır. Gərəkdir indi gedəm bir neçə kağızlarım var, yazmaq lazımdır. Sabah poçt gedir. Bilirsinizmi, getmək vaxtıdır. Gərəkdir hazırlaşmaq. Y u s i f. Haraya? A l e k s e y. Peterburqa, əlbəttə. Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır. M a ş o. Bəli. (Gülə-gülə.) Studentlərin bayramı da qurtarır. A l e k s e y (gülə-gülə). Bəli, bu üç ay yorunuqdan sonra yenə işləmək! (Hamıya əl verib çıxır.) M a ş o (Sonaya). Qızım, Danielə de buraları yığışdırsın, mən də gedirəm. (Yusif və Maşo çıxırlar.) S o n a. Yaxşı, anacığım. (Gedirlər). B a h a d ı r (Sonanın dalınca baxır). Bəli, avqust ayı! Həmişə avqust ayında günlərimi sanardım. Üç ay yorunuqdan sonra ciddi surətdə elmlərə yapışmaq fikrində olurdum. (Fikirdə). İndi nə oldu mənə? Mən Məngilisdən ayrılmaq istəmirəm, mən tələsmirəm.... Hətta getmək fikrində olanda urəyim sıxılır, döyünür.... (Başını tutub.) Ah, Sona! Sona! S o n a (yavaş-yavaş gəlir Bahadırın yanında oturub ətrafına baxır). Nə gözəl vaxt və nə gözəl mənzərə, deyilmi? B a h a d ı r (ətrafına baxıb). Bəli, nəhayətdə gözəl! (Sonra Sonaya diqqətlə baxıb.). "Morğe-səyyadi-toəm oftadeəm bər dame-to, Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon". [ Tərcüməsi: Sənin ovladığın quşam, toruna düşmüşəm, Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.] Son a (başını aşağı salıb). Bahadır! Bülbülün gül üçün oxuduğu yanıqlı nəğmələri eşidirsinizmi? Odur, gülə baxınız, qönçəsini açıb da guya deyir: "Eşqin oduna yanma, bülbülüm". B a h a d ı r (Sonaya diqqətlə baxıb). Ah, rəhmli gül! S o n a (Bahadırın əlindən tutub yuxarı baxa-baxa). Bahadır, o nə sirrdir ki, insanlar bir-birindən təfriqə düşüblər?.... B a h a d ı r (bir az fikirdən sonra). Xanım əfəndi! Bir vaxt olar bu barədə də söhbət edərik. (Sonanın əlindən tutub fikrə gedir.) S o n a (Bahadırın üzünə baxır). Söyləyin, bu saat fikrinizdən nə keçdi? B a h a d ı r. Hazır başımdakı fikirlərdən dəhşətlisi, məni ən narahat edən fikir sizinlə ayrılmaq məsələsidir. Bilmirəm buna mən davam gətirə biləcəyəmmi? S o n a. Bəlkə davam gətirə bilmədiniz, onda? B a h a d ı r. Ah, xanım əfəndi! İnsan gələcəyini bilsə idi ağlı çaşardı. Fəqət mən hələ divanə olmaq istəmirəm.Mən istəyirəm yaşayam və sevəm. Sizinlə ayrılığım nə qədər dəhşətli nəzərə gəlirsə, bir o qədər ümid yolu mənim üçün görünür. Ah, bu ümid yolu! Ümidsiz yaşamaq qeyri-mümkündür. S o n a. İndi siz beş gündən sonra getməlisiniz, deyilmi? B a h a d ı r. Bəli! S o n a. Nə ümidlə gedirsiniz? B a h a d ı p. Ümidim daha bir də sizinlə görüşmək! S o n a (yerə baxıb). Görüşüb, daha bir də ayrılmaq.... (İkisi də xeyli vaxt bir-birinin əllərini tutub fikirdə qalarkən.) PƏRDƏ * * * Üçüncü məclis Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar. S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.) ƏVVƏLİNCİ GƏLİŞ Maşo və Sona. M a ş o. Qızım! Dur hazırlaş, Lizagilə gedək. Axşam atan da ora gələcəkdir. S o n a (durub anasını öpür). Yox, anacığım, siz atamla gediniz, mənim bir az kefim yoxdur, evdə oturmaq istəyirəm. M a ş o. Qızım, nə üçün sən axır vaxt heç yerə getmək istəmirsən? Tutalım qonaq getmirsən, heç olmasa çıx bir az təmiz havada gəz. (Sonanı öpür.) Yox, qızım, yaramır, evdə çox oturmaqdan baş ağrısı taparsan. S o n a. Yaxşı, anacığım, gəzərəm, fəqət bu gün evdə oturmaq istəyirəm. M a ş o. Yaxşı, qızım! Qalırsan qal evdə, mən gedirəm. Ancaq yatmaq istəsən qapıları bağlat. S o n a. Arxayın ol, anacığım, bağladaram. (Anasının yanına gedib öpür. Maşo çıxır.) S o n a (tək). Doğrusu, Bahadır gedəndən sonra heç bir adamla görüşüb söyləşmək də istəmirəm. Liza mənim qədim yoldaşım. Onu sevirdim, onunla həməvaxt danışardım.... İndi onunla da görüşmək istəmirəm. (Fikirdə.) Nə üçün? Nə üçün mən Bahadırdan sonra büsbütün dəyişirildim. (Fikirdə.) Mən hiss, edirəm.... Mən əziz bir vücudun, ruhumu təmizləyən, ağlımı qüvvətləndirən bir insanın ayrılığını, yoxluğunu hiss edirəm.... Nə üçün biz ayrıldıq? Nə üçün biz görüşdük, bir-birimizə məhəbbət bağladıq və nə üçün ayrıldıq? Olduğumuz səadətdə həmişəlik yaşamaq üçün nə lazımdı. (Fikirdə.) Yox, elə fikirlər başımda gərəkdir olmasın.... İnsan insanı ruhani məhəbbətlə sevə bilməzmi? (Fikirdə.) Yox, yox! Mənə heç bir şey lazım deyil.... Mənə fəqət Bahadırın ağlı, ruhi məhəbbəti gərəkdir.... Belə isə o Peterburqda, mən burada olmağımız da yarar.... (Fikirdə.) Ağlını, ruhunu, məhəbbətini kağız vasitəsi ilə də hiss edə bilirəm.... (Fikirdə.) Fəqət bunu düşünmürəm: nə üçün onun burada olmamağı mənibüsbütün dəyişdiribdir.... (Fikirdə.) Burada bir sirr var, mən düşünməyirəm.... Mən əlimi onun əlinə verəndə bir elektrik onun bədənindən mənim bədənimə işləməyini hiss edirdim. (Fikirdə.) Fəqət.... (Kitaba baxır, sonra saata baxıb durur. Qapı tərəfə gedir, qulluqçuya.) Daniel! Daniel! D a n i e l (qapı dalından). Bəli. S o n a. Qapıları bağla, mən yatacağam. D a n i e l. Baş üstə! S o n a (kitabını götürüb yerində uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram. (Oxuyur). Əcəba! Bu doğrudurmu? Burada yazır, bir çox qız var ki, ərə getməklə özlərini pula satırlar.... (Gülümsəyib.) Doğrusu, bu kitabda arvadlara çox sataşırlar.... Bir gün mən Bahadırdan soruşdum: nə üçün arvadlar barəsində bu qədər böhtan yazırlar və nə üçün bunlara dair qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: "Ondan ötəri ki, qələm düşmən əlində olubdur. Hərgah peyğəmbərlik başdan arvadlara gəlsəydi, arvadlara dair qanunlar hamısı büsbütün bərəks olardı.... (Medalyonu açıb baxır.) Ah, Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verərdin. (Fikirdə.) Ah, rəbbim! Ah, mənim məhəbbətim! (Kitabı əlindən buraxıb medalyona bir də baxıb öpür və yuxuya gedir.... ) İKİNCİ GƏLİŞ Maşo və Sona. M a ş o (yavaş-yavaş gəlir və söylənir). Bu gecə kart arxasında səhəri açdıq. (Sonaya tərəf.) Bu da paltarlı yatıbdır, nə üçün də şirin yuxudan durğuzum, indi səhər açılır, özü durar. (Yaxın gəlib Sonanı öpür, medalyonu açıq görüb şam yandırır, medalyona diqqətlə baxır, sonra iki əlləri ilə başını tutub otaqdan çıxır.) S o n a (səhər açılır, yavaş-yavaş oyanır). Mən bütün gecəni paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu yaxşı olmadı. Anam yəqin ki, adəti üzrə otağıma gəlibdir. Medalyonu, əlbəttə, açıq görübdür. (Bir az fikirdən sonra.) Mən, əlbəttə, istəməzdim anam medalyondakı şəkli görsün. İndi hərgah görübdürsə, daha yaxşı! Söz açılar, dərdimi açıq-açığına söylərəm.... (Geyinir.) ÜÇÜNCÜ GƏLİŞ Maşo, Sona və Daniel. M a ş o (yerə baxır). Qızım, durubsan? (Gedir Sonanı istər-istəməz öpür.) S o n a (təəccüblə anasına baxıb). Bəli, anacığım, durmuşam! (Diqqətlə baxıb.) Nə üçün yerə baxırsan? Anacığım, sənin ürəyində bir söz olmağını düşünürəm, nə istəyirsən soruş, deyərəm. M a ş o (Sonanın boynundan qucaqlayıb). Sevgili qızım! Sən bilirsən ki, mən və atan səni nəhayət dərəcədə sevirik. Sən ali oxumuş bir qız, çox şeyləri ola bilsin ki, bizdən yaxşı bilirsən.... Biz sənin uğrunda can verməyə hazır olduğumuz halda, sənin ürəyindəki dərdi, başındakı fikirləri bilmək istəyirik. İxtiyarın var, deyə də bilərsən, deməyə də. S o n a (bir az halından çıxıb). Anacığım! Açıq söylə, mən hamı suallarına cavab verərəm. (Bir az fikirdən sonra.) Yoxsa, gecə medalyonun içindəki əksi gördün, hə? M a ş o. Doğrudur, qızım! Gördüm. (Yerə baxıb.) Bu əhvalat məni bir az təşvişə salıbdır.... S o n a (səslə ağlayıb Maşonun boynundan qucaqlayır). Nə edim, sevirəm.... Mən Bahadırı sevirəm.... Anacığım, bu yolda mənim elmim, qanacağım kömək etməyir, məhəbbətin müqabilində ağlım çaşır.... Ah, sevgili anacığım! Bir yol göstər.... Mən bu vaxtadək məhəbbətimi pünhanda saxlayırdım, fəqət indi söz açıldı.... Mən şadam!.... Ürəyimdəki sözləri deməyə yol açıldı.... Bahadır isə bu vaxtadək məhəbbətim nə dərəcədə olmağını bilməyir. Burada ikən hissiyyatımı ondan gizlədirdim.... İndi bu ayrılıq məhəbbətimi birə on artırıbdır.... Ah, sevgili anacığım, bağışla məni! Nə edim? (Bu sözlə ağlayıb Maşonun qucağına yıxılır.) Ah!.... Ah!.... M a ş o. Sevgili qızım, ağlama! Mən səni düşünürəm.... Mən özüm də məhəbbətin oduna yanmışam.... Fəqət mənim atana olan məhəbbətimin çarəsi tapıldı.... Mən atana getdim.... Sizin məhəbbətinizin çarəsini görmürəm, qızım.... Sən ağıllı, kamallı, millətini, dinini sevən bir qız.... Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan.... Nə tövr etməli? Mən özüm də çaşıram. S o n a (gözlərini silə-silə). Bəs necə olsun? Ah, sevgili anacığım. Bu məsələdə analığı unudub da mənimlə yoldaş ol, mənə yol göstər, məni başımdakı qara fikirlərdən xilas et.... M a ş o (pəncərəyə baxıb). Odur, atan da gəlir!.... (Gedir.) S o n a. Ah, rəbbim! (Əlləri ilə üzünü tutub balış üstə uzanır.) D a n i e l (dişarıdan). Xanım, sizə kağız var. S o n a (tələsik durur, qapıya tərəf gedir, kağızı alır). Ah, kağız! (Diqqətlə baxıb gülür.) Bahadırdandır! (Oxuyur və hərdənbir fikrə gedir, sonra oxuyur, gəzinir və yenə də diqqətlə oxuyur.) DÖRDÜNCÜ GƏLİŞ Maşo və Sona. M a ş o. Qızım, kağız kimdəndir? Yoxsa Bahadırdandır? S o n a (ayağa durub gözləri kağızda). Bu saat, anacığım. (Kağızı qurtarıb.) Bəli, anacığım, Bahadırdan gəlibdir.... İndi bir az rahat oldum, anacığım. Sən də, atam da bu kağızı oxuyun.... Məni bu vaxtadək rahatsız edən suallara mən bu kağızda cavabtapıram.... Bəlkə siz də tapasınız.... Mən sizdən heç bir şey gizlətmək istəmirəm. Çünki sizi çox sevirəm. Sizin ruhunuza əziyyət vermək istəmirəm, fəqət nə edim? Sevirəm.... Mən Bahadırı sevirəm.... Bu kağız mənim tamam şübhələrimi dağıtdı. Gizlin nöqtələri aşkar etdi. Açılmayan düyünləri açdı.... Bundan əvvəl ikimizin arasında görükən uçurum dərələr indi mənim üçün görünməyir. Mən insan, o insan, bizi ölümdən savayı hansı bir qüvvə ayıra bilər?.... M a ş o. Qızım! Nə söyləyirsən? Düşünməyirəm. S o n a. Ah, anacığım! Oxuyun, məsləhət edin. Mən sizin razılığınızla iş görmək istəyirəm. Mən sizi çox sevirəm, siz də məni.... Siz hazır ağlınıza tabesiniz, mən isə ürəyimə. Ağlım ürəyimlə bir çox zaman müharibədə olarkən ürəyim ağlıma güc gətirirdi. Hazır bu işdə ağlım iş görmür.... (Fikir.) İndi sən otur kağızı diqqətlə oxu, mən bir az çıxım bağçada dolanım.... (Çıxır.) M a ş o (kağızı diqqətlə oxuyur). Ah, binəva cavanlar! İkisi də məhəbbət atəşinə yanırlar. (Ağlayır.) BEŞİNCİ GƏLİŞ Yusif və Maşo. Y u s i f (təəccüblə Maşoya baxır). Maşo, nə üçün ağlayırsan? M a ş o (gözlərini silə-silə durur). Daha yatmaq vaxtı deyil.... Mən sənə dediyim əhvalatı diqqətsiz qoymaq olmaz. Gərəkdir bir əncam çəkmək, yoxsa qız özünü həlak edər. (Kağızı Yusifə verir). Y u s i f (kağızı diqqətlə oxuyub başını bulayır. Sonra fikrə gedir). Mən hərçi fikir edirəm, bir şey çıxmır. Sən mənə medalyon barəsində söylədikdə, mən elə bir məna vermədim. Fəqət görünür iş-işdən keçibdir. Nə edim. Əlbəttə, qızın özü ilə gərəkdir söhbət etmək. (Bir az fikirdən sonra.) Bir şey də fikrimə gəlir: biz özümüz Bahadırı çox sevirik.... Nə eybi var.... Bahadır ağıllı və kamallı bir oğlandır. Onun üçün hansı bir məzhəbdə olmağın təfavütü gərəkdir olmasın. Onun belə bir əqidədə olmağı öz kağızından məlum edir. Ona görə xristianlığı qəbul edərsə, biz artıq dərəcədə məmnuniyyətlə onu qəbul edərik.... (Maşoya.) Sən Sonanı çağır buraya. M a ş o (çıxır). Yaxşı. Y u s i f. Doğrudan da böyük bir bəlaya düçar olmuşuq.... Hərçi fikir edirəm, bir yol tapa bilmirəm. Nə etməli? (Fikirdə.) ALTINCI GƏLİŞ Yusif, Sona, Maşo. S o n a (başı aşağı). Atacığım, məni çağırıbsanmı? Y u s i f. Bəli, qızım! Otur. Əhvalatdan xəbərdaram.... Qızım, əbəs yerə özünü fikirlərə salma, bu asan bir işdir. Mənim yəqinimdir ki, Bahadır xristianlığı qəbul edər, o vaxt hamı işlərimiz də düzələr, deyilmi, qızım? S o n a. Ah, sevgili atacığım! Mən təvəqqe edirəm belə məsələni heç araya gətirməmək. Mən heç vaxt belə sözləri demərəm və razı da olmaram Bahadıra deyilsin. Nə üçün Bahadır xristian olsun? Yainki nə üçün mən müsəlman olum? Bizi xristianlıqmı və müsəlmanlıqmı bir-birimizə yaxın etdi, yainki özgə bir şey? Y u s i f. Yox, qızım, elə deyil! Hər halda biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair müəyyən bir yol, ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət edəriksə, bizə ayrı bir nəzər ilə baxarlar.... Bizi camaatımız özündən hesab etməz.... Sən millətini sevirsən, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millət səni özündən kənar etsin? S o n a. Əcəba, Bahadırın millətdən kənar olmağına necə razılıq vermək? Y u s i f. Qızım! Səni canım kimi sevirəm. Yəqin bil ki, mən sizin məhəbbətinizə mane deyiləm və ixtiyarım da yoxdur. Fəqət bir şeyi demək istəyirəm. Qızım! Bahadırın və sənin fəlsəfənizdən camaatın, millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl olmuş olsa, camaat fəlsəfənizə nifrətlə baxacaqdır.... Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın adətləridir, qızım! S o n a. Atacığım! Sözləriniz haqdır. Camaat, millət ümumiyyətlə bizim fəlsəfəyə nifrətlə baxacaqdır.... Bunu yaxşı düşünürəm. (Fikirdə.) Bəs nə etməli? Mən çaşıram.... Millətimdən uzaq düşmək istəmirəm. Mən ömrümü millət yolunda sərf etməyə hazıram. Onu sevirəm.... (Fikirdə.) Bahadırı da sevirəm.... Bahadır burada ikən belə şeylər fikrimdən keçməyirdi.... Bəlkə bu ayrılıq səmərəsidir. Bəlkə bir yerdə olsaq, yainki birlikdə məsləhət etsək, qeyri bir nöqtəyə gəlməli olarıq.... Bilmirəm.... Başım işləmir. Fikrim dağınıqdır.... Əhvalım pərişandır.... (Fikirdə). Bahadırın sözləri və əqidəsi haqdır.... Camaata, millətə dair söylədiyiniz sözləri də diqqətsiz qoymaq olmaz.... Özgə bir yol, qeyri bir çarə yoxmu, sevgili atacığım? Y u s i f (bir az fikirdən sonra). Qızım! Mənim başıma bir fikir gəldi.... Səninlə bərabər Peterburqa gedək, Bahadırla bir yerdə söhbət edək. Bəlkə birlikdə bir çarə tapdıq! S o n a (birdən ayağa durub atasını qucaqlayır). Ah, sevgili atacığım! Nə gözəl fikirdir! Mən razıyam! (Sonra anasının qucağına yıxılıb.) Sən də anacığım, atamın fikrinə şəriksən, deyilmi? Hə? M a ş o. Razıyam qızım, razıyam! Bu fikir mənim başımda var idi. Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb yəqin edirəm, birlikdə çarə tapılar. Y u s i f (durur). Yaxşı, hazırlaşaq! İki gündən sonra gedirik. S o n a (gah atasını, gah anasını öpür). Peterburqa! Peterburqa! PƏRDƏ * * * Dördüncü məclis Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir. ƏVVƏLİNCİ GƏLİŞ S u l t a n (qapı döyülür). Gəlmək olarmı? B a h a d ı r (durub qapıya tərəf). Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah, Sultan, sənsən? S u l t a n. Mən mane olmadım ki? B a h a d ı r. Yox! Yox! S u l t a n (stolun üstündə yazılmış kağızı görüb). Nə yazırsan? B a h a d ı r. Tiflisdə mənə söylədiyin əhvalatlara dair bir neçə məqalə yazıram. İkisini yazmışam, bu da üçüncüsüdür, qurtarıram. S u l t a n. Bunu oxumaq olarmı? B a h a dır. Olar! S u l t a n (götürüb oxuyur), Gözəl məqalədir! Mən də bir məqalə başlamışam. B a h a d ı r. Nə barədə? S u l t a n. "Müsəlman qadınlarına yol veriniz!" sərlövhəli bir məqalədir. B a h a d ı r. Yəqin ki, açıq gəzməklərinə dair? Hə? S u l t a n. Əlbəttə! Məncə, indidən gərəkdir bu məsələnin üstünə düşmək. B a h a d ı r. Doğrudur, müsəlman aləmində arvadların indiki halları bütün millətin nadan və tərbiyəsiz qalmağına səbəb olur. S u l t a n. Məncə, qadınlar hal-hazırdakı zəncirdən, yəni çarşabdan xilas olmasalar, millət ciddi surətdə tərəqqi yoluna yeriş edə bilməyəcəkdir. B a h a d ı r. Doğru deyirsən, fəqət nə yolla çarşabı birdən-birə tullamaq? S u l t a n. Əlbəttə, avam üçün şəri yol tapmaq gərəkdir. B a h a d ı r. Məncə, qeyri bir yolla hərəkət etmək lazımdır. (Fikir.) Mən bir neçə gün bundan müqəddəm bir məclisdə idim. Bu məsələ həmin məclisdə ətraflıca müzakirəyə qoyuldu. Bəhs edənlər Misirdə elmlərini tamam etmiş iki alim idi. Bunlardan biri deyirdi: şəriətlə arvadların üzləri açıq ola bilər. O biri isə: arvadların üzləri mütləq örtülü olsun gərəkdir -- deyirdi. Qəribə budur ki, ikisi də sözlərini sübut etmək üçün ayələr və hədislər oxuyurdular.... Mənim fikrimcə, şəriət dairəsində bu söhbətlər yüz il də olunarsa, bu yolda milyonlarca qələmlər sınsa da, iki bir-birinə bərəks fikir öz qüvvəsində qalacaqdır. Qanımıza, beynimizə, sümüklərimizə işləmiş bir neçə qanunlar kimi bu məsələyə dair qanunları da şəriətdən kənar müzakirəyə qoymaq lazımdır. Yəni, demək istəyirəm bu məsələyə elmi nəzərlə gərək baxılsın. Belə olursa, təbii yolla hərəkət olunar, təbii yolla hərəkət olunarsa, işin aqibəti də dəhşətli görünməz. S u l t a n. Doğru deyirsən, fəqət hal-hazırda millətin elm yolunda tərəqqisinə, ruhunun tərbiyəsinə mane olan arvadlarımızın indiki hallarıdır, zənn edirəm. Sən dediyin yolla gedilərsə, çox zaman gərəkdir. B a h a d ı r. Şəksiz, bu məsələyə dair ayələr, hədislər bir mənada düşünülsə idi, şəri yolla tez məqsədə çatmaq olardı. Amma çifayda.... (Ayağa durur.) Bilirsənmi, Sultan! Bir nazik mətləbi düşünmək gərəkdir. Arvadlarımızın zəncirdən xilas olmaqları özlərinə bağlıdır. Arvadlar kişilərə ümid bağlayıblarsa, işləri fənadır, zəncirdən xilas olmayacaqlar.... O vaxt ki, arvadlar öz hüquqlarını düşündülər heç bir şəriət, heç bir qüvvət onların azad olmaqlarına mane ola bilməz. Təbii, canlı şeyləri maddi və mənəvi cəhətcə bir-birinə tabe edən zor və ehtiyac olubdur. Bu iki səbəb aradan götürülərsə, arvadlar məqsədlərinə nail olarlar.... S u l t a n. Hər halda, məqaləmi gərəkdir bir yerdə oxuyaq.... B a h a d ı r. Çox gözəl! İKİNCİ GƏLİŞ Zinolin gəlir. Z i n o l i n. Ağa, sizə kağız var. B a h a d ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb oxumaq istəyir.) S u l t a n. Sən kağızını oxu, mən də gedirəm. B a h a d ı r. Nə üçün, otur. Sonra gedərsən. S u l t a n. Çox işim var. Axşam bəlkə görüşdük. Salamat qal! B a h a d ı r (əl verib qapıyadək ötürür). Sağ ol! (Kağızı diqqətlə oxuyur və sonra hirslə atır.) Mən güman etdim kağız Sonadandır. (Oturur, fikir edir.) Nə üçün bu vaxtadək kağızımın cavabını yazmayır? Bəlkə məndən inciyibdir.... (Fikir.) Yox, ola bilməz. Mən elə bir şey yazmamışam, nə üçün məndən incisin? Mən öz hissimi ondan gizlətmədim, yazdım.... (Fikir.) Bəlkə ağlım məhəbbətdən çaşıb naqabil bir söz yazmışam.... (Fikir. ... Yox! Sonaya naqabil söz yazmağa əlim gəlməz. (Fikir.) Hər halda, kağızın üzü məndə. (Hücrəni gəzir.) Oxuyum görüm.... (Kağızı diqqətlə oxuyur.) "Əzizim Sona xanım! Başımdakı min-min fikirlərin hansından başlamaq? Bu günədək gördüyüm adamlardanmı? Ya gəzdiyim yerlərdənmi? Və ya xeyr, ancaq öz hissiyyatımı söyləyim?.... Qəribə bir halətdir! Mən sizinlə bir yerdə, bir otaqda gün keçirərkən başımda olan min-min fikirlərimi, bütün vücudumu iztiraba salan hisslərimi əcəba, nə üçün söyləyə bilmirdim? Yox, xanım əfəndi! Səhv etdim: söyləyirdim, fəqət dilsiz, hər bir hərəkətimlə sizə olan məhəbbətimi sizə bildirirdim. Əlinizi əlimə alıb fikir edirdim. Qolumdakı minlərcə hiss damarları mənim məhəbbətimi sizə xəbər verirdilər, deyilmi? Mən sizin əlinizi tutanda bu halətdə olurdum, yəni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mənə həzin-həzin söyləyirdi. Əliniz əlimdə ikən tam fikirlərinizi, hisslərinizi oxuyurdum. Siz də mənim kimi, deyilmi? Biz bir-birimizin əlini gah sıxardıq, gah datumar edirdik.... Hər birinin ayrı bir mənası olmağını sözsüz düşünürdük.... Ah, nə gözəl halət! Nə gözəl hissiyyat! Dilə ehtiyacımız yox idi. Qələmə də həmçinin. İndi isə dilə və qələmə böyük ehtiyacımız olmağını hiss edirəm. Başımdakı min-min fikirləri nəyin vasitəsi ilə sizə bildirmək?! Əliniz əlimdə olsa idi, bir sıxmaqla hamı fikirlərimi, hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən, qələmdən başqa bir əlacım yoxdur. Bunlar da gözlərimin, əllərimin əvəzini verməyəcəkdir. O bir ayrı aləm, bu bir qeyri aləm! Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm. Bir dəqiqə sizi fəramuş edə bilməyirəm. Hər gün, hər saat sizinlə söhbəq edirəm. Bir iş edirəmsə, dərhal sizi gözümün qabağında gerürəm. Görüb də, guya söyləyirəm, bu iş sizcə, nə tövr gərəkdir ola? Hər bir felim, qövlüm, hissiyyatım sizə bağlıdır.... Mən tam vücudumla sizə təəllüq tapmağımı düşünürəm. Bununla belə "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?...." sözlərinizin mənə dəhşətli bir kölgə olmağını da hiss edirəm. Bu kölgədən mən qorxuram. Harada olsam, nə söyləsəm bu sözlər fikrimə gəlirsə, əhvalımı büsbütün dəyişir, başımdan od parlayır. Ürəyim iztirabda döyünərkən istəyirəm tam vücudumla bu kölgəni özümdən rədd edəm. İstəyirəm açıq-açığına bağıram: bəsdir! Məni rahat qoy!.... Mən bağırmaq istərkən həmən dəhşətli kölgə daha artıq qüvvətlə mənə yaxınlaşır. Məni hər tərəfdən qara bulud alan kimi bürüyür, nəfəsimi təngləşdirir, ildırım çaxan kimi: çaxır.... "Nə sirrdir insanlar bir-birindən təfriqə düşüblər?" sözləri bir arşın boyunda qara taxtanın üstündə təbaşirlə yazılmış nəzərimə gəlir. Mən hirslə həmin yazıları taxtanın üzündən silirəm. Mən sildikcə, daha böyük, daha aşkar xətlə yazılmış görünür. Mən taxtanı var qüvvətimlə yox etməyə çalışıram, sındırıram..... "Nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər" sözləri havada yazılmış görünür.... Nə üçün bu sözləri siz meydana gətirdiniz? Nə üçün bu sözləri əllərimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halətdə bu sözləri desə idiniz, ola bilsin ki, belə təsiri olmaya idi. Fəqət indi ... indi sözlər deyilibdir. Bu sözlər məndən, mən bu sözlərdən ayrıla bilmirəm. Nə üçün bu sözləri deyəndə əlimi sıxdınız və gözlərinizi yumdunuz?... Sözləriniz hərəkətlərə müvafiq olub mənə guya dediniz mən tam vücudumla sevirəm.... Mən tam vücudumla sizinlə olmaq istəyirəm. Fəqət bizi bir şey bir-birimizdən təfriqə salır.... Müsəlman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir.... Sözlərinizə belə məna verməkdə səhvim yoxdur, zənn edirəm və səhv də olmaz. Çünki həmin dəqiqə mən də bu fikirdə idim. Mən istəyirdim deyim: fəqət siz məndən cürətli olub məni qabaqladınız, qabaqlayıb da məni daha artıq məhəbbətə mübtəla etdiniz.... Mənim bütün vücudum: bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır.... Xanım əfəndim! Mən ancaq camalınıza aşiq olsaydım, mənim üçün şübhə yeri qalardı. Yox! Camalınızı sevirəm də, ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi "uçurum dərələr" ayıra? Əcəba, bu "uçurum dərələri" biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi? Nə üçün mən müsəlman siz xristian, qeyrisi yəhudi, ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar sonradan düzülmüş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni. "Yox, sevmək olmaz" qanunu var isə mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi, bütpərəst nə olacağını anlamıram və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım! Mən millətimi sevirəm, çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm, çünki hamısının əsil məqsədləri insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər. Yəni, ümum bir nöqtəyə yeriş etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, fəqət deməyiblər: "Biz islam və xristianlıq düzəltmək üçün gəlmişik.... Hamı: "Biz insanları düz yola dəvət edirik" deyiblər.... İndi xanım əfəndi, məqsəd bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi düşünənlər birləşirlər, danışırlar və məhəbbət nə olmağını düşünürlər. İndi biz də bu dərəcəyə çatmışıqsa, məhəbbətimiz tələb edən qanunlara sitayiş etməliyik, deyilmi?" (Bu kağızı oxuyub fikrə gedir.) Bu kağızda elə bir şey yoxdur ki, Sona ondan rəncidə ola. (Fikir.) Bəlkə Sona sözlərimə şərik deyil. Bəlkə uçurum dərələr meydana gələcəkdir! (Fikir.) Ah, nə üçün mən belə atəşli kağız yazdım? Sona millətini nəhayətdə sevən bir cavan. Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir qız.... Bu uçurum dərələri keçə biləcəkmi? Keçərsə, atasına-anasına əziyyət olmazmı? Bunlar məni öz övladları kimi sevirdilər. Mənə hər dürlüyaxşışıqlar ediblər, məni təmiz, saf ürəkli əmin adam bilib qızlarını mənə tapşırmışlar. İndi öz hissiyyatımı, məhəbbətimi açıq-açığına Sonaya yazmaq, Sonanı qeyri bir fikirlərə.... (Fikir.) Mənim bir kəsim yox, atam-anam qəbirdə, mənim halıma yanan, mənim dərdimə qalan yox. Mənə nə olursa-olsun.... Heç kimə əziyyət olmayacaqdır.... Sona isə ata-anasının əziz pərvəriş edilmiş qızı.... Sona belə yaxşı, gözəl külfətin işığı.... Sonanın qəmi, ümum külfətin qəmi. Sonanın bədbəxtliyi, ata-anasının bədbəxtliyi. (Fikir.) Yəqin ki, Sona məhəbbətini pünhan saxlaya bilməyəcəkdir.... Məhəbbəti aşkar olursa, ata və anası nə edə biləcəklər? (Fikrə gedib sonra deyir.) Ah, nə üçün mən belə bir atəşli kağız yazdım? Nə üçün belə bir ali təbiətli valideynlərin ruhlarına əziyyət verməli oldum? Nə üçün? (Oturub başğşı əlləri ilə tutur və sonra yavaş-yavaş əllərini tapançaya uzadır. Bir az fikirdən sonra tapançanı əlindən buraxıbiki əlləri ilə üzünü tutub ağlaya-ağlaya kravata yıxılır.) Ah! Ah! Bu nə halətdir? Ah, Sona! Ah, mənim məhəbbətim! ÜÇÜNCÜ GƏLİŞ Qapı döyülür, Bahadır qapıya tərəf baxır. Sona, Yusif, Bahadır. B a h a d ı r. Girin! (Qapıda Yusiflə Sonanı görüb özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.) S o n a (gülümsünüb). Bizi gözləməyirdiniz, deyilmi? B a h a d ı r (Sonanın əllərindən öpüb). Xeyr, xanım əfəndi, heç fikrimə də gəlməzdi! Əyləşin. (Sona pəncərənin qabağında oturur, Yusif Bahadırla bir yerdə.) B a h a d ı r (qapıya gedib). Zinolin! Z i n o l i n (qapıdan). Bəli, ağa! B a h a d ı r. Bizə çay hazırla. Z i n o l i n. Yaxşı. S o n a. Çay hazır olanadək mən gələrəm, özümə əlcək alacağam. (Gedir.) B a h a d ı r (durub qapıyadək ötürür). Bu yaxında taparsınız. (Gəlib oturur.) Əcəba, Maşo xanım sizinlə nə üçün gəlmədi? Y u s i f (başını aşağı salıb fikirdə). Bahadır bəy! Bizim gəlməyimizə səbəb mühüm bir məsələ olubdur.... B a h a d ı p. Əcəba! Nə üz veribdir? Y u s i f (fikirdə). Sizin Sonaya və Sonanın sizə olan məhəbbəti məni və Maşonu böyük təşvişə salıbdır.... Siz özünüz bilirsiniz dünyanın işığına Sonanın gözləri ilə baxırıq. Biz Sonanın uğrunda can verməyə hazırıq.... İndi bu təmiz, saf ürəkli qız sizə aşiq olub, gecə-gündüz aramı yoxdur. İndi ikimiz də gəlmişik, bəlkə üçlükdə bu işə bir sərəncam verək.... Sonanın millətinə olan məhəbbəti sizə məlum: bizim və yainki sizin millətin belə məsələlərdə xüsusi bir əqidədə olmaqları da sizdən gizlin deyil.... Özünüz, əlbəttə, düşünürsünüz.... Sizin kağızınızı mən oxudum: fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət. (Fikir.) Camaat ... millət.... B a h a d ı r (fikirdə). Bəli.... Bəli.... Düz buyurursunuz.... Mən. Mən.... Səhv etmişəm.... Mənim məhəbbətim sizə əziyyət veribdir.... Bağışlayınız.... Əfv ediniz! Mən.... Mən.... (Söz danışa bilməyib ağlayır.) Ah! (Yusif başını aşağı salıb ağlayır.) DÖRDÜNCÜ GƏLİŞ Sona, qeyriləri və Zinolin. S o n a (onların hallarına təəccüb qalaraq sözsüz pəncərənin qabağında oturur.) Ah! (Zinolin stəkan gətirib çay tökür.) B a h a d ı r (durub tədarük edir). Buyurun, çay için! (Sona və Yusif mizə yaxın oturub çay içirlər.) B a h a d ı r. Sizdən təvəqqe edirəm, bu gün naharı da bir yerdə edək. İnşaallah, sözləşib məsləhət edərik. Ümid edirəm hamı düyünlər açılsın.... Y u s i f. Sizə zəhmət vermək istəmirəm, yaxşı olardı siz də bizimlə bir yerdə restoranda nahar edək. S o n a. Yox, atacığım, bura yaxşıdır, mən restoranın xörəyini sevmirəm. B a h a d ı r. Əlbəttə, bura yaxşıdır, bizə gələrsiniz. Necə olsa ev xörəyi təmiz olar. Y u s i f. Yaxşı, sözüm yoxdur, gələrik! İndi qızım, gedək. B a h a d ı r. Haraya belə tez? Y u s i f. Bir dost adam var, görüşmək lazımdır. Sonra daha işimiz yoxdur, tez gələrik. (Sona və Yusif çıxırlar.) B a h a d ı r (onları qapıyadək ötürür, qapıda durub Sonanın dalınca xeyli baxır. Sonra otaqda tez-tez gəzinməyə başlayır. Fikirdə ikən gah dayanır, gah gəzinir, sonra tez oturub kağız yazır; yazıb qurtarandan sonra oxuyur). Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz, mən özüm öz əlimlə özümü öldürdüm.... "Ah, insanları bir-birindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz.... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız.... Ah! (O, tapançanı gicgahına atır.) Ah! (Yıxılır.) Z i n o l i n (tez gəlib Bahadırı yıxılmış görür). Ağa! Ağa! (Özünü itirir.) BEŞİNCİ GƏLİŞ Yusif və Sona gəlirlər. Y u s i f. Nə oldu? (Özünü itirib papağı əlindən düşür.) S o n a (qəşş edib Bahadırın üstünə yıxılır). Ah! PƏRDƏ * * * Beşinci məclis Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab. Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir). İ k i n c i d ə l i. (Səhnənin sağ tərəfindən iki addım qabağa gedir, iki addım dala. Bir yerdə gəzir). Ü ç ü n c ü d ə l i. (Səhnənin ortasında gəzinir, əlləri ilə hərəkətlər edir və hərdənbir coşa gəlir, hirslənir, danışır, fəqət danışdığı sözlərdən bir şey anlaşılmayır). D ö r d ü n c ü d ə l i. (Yavaş-yavaş gəzinir, tez-tez ətrafına baxıb qorxur, guya bunu vururlar, başını tutub ağlayır). B e ş i n c i d ə l i. (Yerdə oturub fikrə gedir, sonra dəmbədəm üzünə xaç edir, səcdəyə gedir). A l t ı n c ı d ə l i. (Sona başının yaylığı boynunda, saçları tökülmüş gəzir və hərdənbir məzlum əllərini yuxarı qaldırır.) Allah bir.... Qanun bir.... Məqsəd bir.... Yol bir.... (İki dəfə.) "Bir allahı buraxıb min allaha səcdə etdik. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq". "Ah, sevgili Sona xanım! Mənim bütün vücudum, bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır, həyatım həyatınıza bağlıdır. Mən özümü sizin bir hissəniz bilirəm, əcəba! Necə ola bilər ki, bizi uçurum dərələr ayıra? Əcəba, bu uçurum dərələri biz insanlar düzəldib də onları məhv etmək bizim ixtiyarımızda deyilmi? (Halı dəyişilir.) Odur, qara taxtanın üstə yazılıbdır. (Gedir, ətəyi ilə guya taxtanın üstündəki yazını silir.) Odur, yenə yazıldı. (Yenə silir. Guya taxtanı qırır, başını tutub guya baxmaq istəmir. Havada yazılmış görür). Odur, indi havada yazılır! (İstəyir havada yazılan sözləri silsin, lakin hər tərəfə dönürsə, gözünə yazı görünür, yazını tutub baxmaq istəyir.) Hanı bəs məhəbbət,hürriyyət sözləri? Hanı mənim məhəbbətim?! ƏVVƏLİNCİ GƏLİŞ Əvvəlkilər. Yusif, Maşo və dəlixananın nazirəsi. Maşo qara yaslı paltarda, əlində ağ dəsmal gözlərini silə-silə, Yusif onun qolundan tutub, nazirə qabaqda Sonanı göstərir. S o n a (bunları görüb bərkdən). O nə sirrdir, insanlar bir-birindən təfriqə düşüblər?! M a ş o (qəşş edib yıxılır). Ah, qızım, Sona! (Sona qəhqəhə çəkib bərkdən gülür.) PƏRDƏ * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-bahadir-ve-sona İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.