Felyetonlar Nəriman Nərimanov (1870–1925) Şeytan bazarda Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz? Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır! Bir gün bir kəndçi şəhərə odun satmağa gəlib Şeytan bazarından keçirdi. Ağlına nə gəlibsə papağını tərsinə geyinmişdi. Bazar lotularından bunu görən oldu. Hay-huydan sonra qarpız qabıqları töküldü. Hamı da papağının başını nişana qoyurdu. Nə isə bu biçarə gah başını aşağı əyirdi, gah otururdu, gah qalxırdı, hər növlə özünü müdafiə etmək istəyirdi. Fəqət hərdənbir də gülürdü, bilirdi ki, bununla zarafat edirlər. Bazar adamı da gülürdü. Bu hay-huyda Dərdməndin başına bir ağac endi. Papağı olmağına görə başı yaralanmadısa da, gözləri bir neçə dəqiqə qaralıb az qaldı yıxılsın. Yanında olan adamlar bunu tutub oturtdular. Ayılandan sonra Dərdmənd qabağında bir zorba kişini hirslənmiş gördü. Sinni keçmiş, ucaboy, saqqalı qırxıq, başında böyük silindr bir kişi idi. Bunun Ortaçala deyilən yerdə fabrikası var idi, həmişə öz faytonu ilə gedib gəlirdi. Bu gün də fabrikadan qayıdarkən şullay papaq kəndçiyə göndərilən qarpız qabıqlarının biri də ittifaqən bunun şəfəqli silindrinə dəyir. Qabıq gələn tərəfə dərhal baxar, görər ki, Dərdmənd buna baxıb gülür. Fikir edir ki, yəqin qabığı atan bu imiş, tələsik hirslənmiş faytondan düşüb Dərdməndin təpəsindən bir ağac çırpar. Dərdmənd özünə gələndən sonra qorodovoy çağırır. Xalq kəndçini buraxıb bunun səsinə yığılırlar. Silindrli qorodovoya vurmağının səbəbini söyləyir. Ancaq Dərdməndin yanında olanlar şəhadətlik verirlər ki, Dərdmənd həqiqət müqəssir deyil. Doğrudur, qeyri qabıq atırdı, fəqət Dərdmənd durub tamaşa edirdi və gülürdü. Doğrudan da Dərdmənd nəinki bu səfər, hətta qeyri vaxta da böylə şeylər ömründə etməzdi. Nə isə şahidlər bazarın mötəbər adamları olmağa görə qorodovoy da inandı. Silindrli ağadan adresini alıb Dərdməndə verdi ki, şikayət etsin. Silindrli ağa kartoçkasını çıxarıb qorodovoya verdi və sonra genə hirsli və artıq dərəcədə təkəbbür ilə faytonuna minib getdi.... Dərdmənd sabahı gün işə başlamaq üçün məhəllə vəkilinə bu əhvalatı söylədi. Vəkil dedi, bu işin qalası var. Bir ərizə də yazıb verdi. Ertəsi gün Dərdmənd ərizəni lazım olan yerə verdi və gözləyirdi işin aqibətini. Silindrli ağa bu işdən xəbər tutub öz vəklinə müraciət etdi. Vəkili "bu yaxşı deyil" deyib cavab verdi.... Bir gün Dərdmənd dükanında oturarkən bir adam girdi və bunu soruşdu. Dərdmənd, mənəm deyib cavab verdi. Bu adam ortaboy, arıq, hiyləgöz, saqqalı qırxıq, yəni taclanmış, şübhəli bir səsdə cavan oğlan idi. Bu adam Dərdmənddən təvəqqe etdi ki, yarım saat vaxtını alsın. Dərdmənd dükanının dalındakı balaca otağa gedib bu adamı dəvət etdi. İş böylə məlum oldu ki, bu adam vəkil imiş, silindrli ağanın yanından gəlibmiş. Cənab vəkil şirin dililə başlayıb dedi: cənab Dərdmənd, mən filankəsin tərəfindən gəlmişəm. Doğrusu, böyük bir xatadır edibdir, fəqət siz gərək razı olmayasınız, öylə bir mütəşəxxis zəngin adam suda düşsün. Nə etmək, cənab vəkil? deyib Dərdmənd vəkilin gözlərinə baxıb söz gəzən kimi bir az müqəddimədən sonra başladı: mən məsləhət görürəm barışasınız, insan səhvdən kənar deyil. Hamının başına gələn işdir. Onun qazamata düşməyi ilə sizin yaranız sağalmayacaqdır. Fəqət onun üçün iki yüz-üç yüz manat vermək heç bir şey deyil. Siz də fəqir adamsınız.... "Bu sözləri vəkil deyib fikrə getdi". Dərdmənd dedi: xeyr, cənab vəkil, bu işi böylə buraxmaq olmaz. Mənim təqsirim olmaya-olmaya başıma nə üçün ağac dəysin? "Cənab Dərdmənd, siz yaxşı fikir ediniz, ayağınıza gələn bəxtə daş atmayınız. Mən bir-iki gündən sonra gələcəyəm. Axır cavab verərsiniz". Bu sözləri deyib vəkil qızarmış çıxdı. Dərdməndi fikir aldı. Bu əhvalatı dost-tanışlarına söylədi. Hamı bir ağızdan Dərdməndə dedi: a kişi, işin-gücün qurtarıbdırmı ki, suda getmək istəyirsən. Ağac dəyməyinə dəyibdir, indi onu qalaya tutdurma, lap Sibirə göndərt, sənin əlinə nə gələcəkdir. 30-40 manat da puldur, asan deyil. Get, pulunu al, qoy başının altına ye ki, yeyəsən. Dərdmənd böylə sözlərdən sonra özü də fikrini dəyişdi.... * * * Tənqid "HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV (İdarənin təklifinə görə bu kitab tənqid olunur) Vəzifəmiz ağır da olmuş olsa, genə milləti-insaniyyət naminə bu ağır vəzifəni qəbul edib işə girişirik. Bəradərimiz, yoldaşımız doktor Kərimbəy Sultanov da ancaq millət və insaniyyət naminə sözlərimizə diqqət edər. Düz iyirmi il bundan müqəddəm mən "Nadanlığ"ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, Firidunbəy Köçərli "Nadanlığ"ı rus dilində tənqid etdi: yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi: "Nadanlığ"ı yazan daha gərək əlinə qələm götürməsin. Fəqət onun çubuqlamağı "Nadir şah"ın meydana gəlməsinə səbəb oldu.... Doktor Sultanovun 166 səhifədən ibarət olan kitabı tibbin ən əhəmiyyətli bir qismindən--elmi-səhhətdən bəhs edir. Bu qisim doğrudan da tibbin idealı hesab olunur. Yəni, hal-hazırda insanın əqli bir nöqtəni özü üçün müqəddəs bir məslək hesab edib ciddi surətdə haman nöqtəyə yeriş edir. Nədir o nöqtə? Yəni, bir dərəcəyə çatmaq ki, insanın bədənini cürbəcür mərəzlərdən nəinki dərman vasitəsilə sağaltmaq və hətta mərəzin qabağını almaq, ya mərəzi bilmərrə puç etmək, ya onu zəifləşdirmək və yainki insanın bədənini bir növ bələmək ki, mərəz ona daxil olsa da, haman bədən mərəzdən zərər görməsin. Elmi-səhhətin indiki halı və yerişi gələcəkdə doğrudan da müqəddəs, ali bir məqsədə çatmağa böyük ümidlər vəd edir və hətta keçən il "İqbal" da bəhs etdiyim professor Baxmetyevin teoriya təsəvvürü bu məsələdə geniş və hala əqli çaşdıran yollar açır.... Böylə böyük bir məsələni meydana qoymaq üçün böyük hazırlıq lazımdır. Gah vaxt bilmək bildirməkdən çətindir. Xüsusən elmi məsələləri. İnsan əvvəla bilsin ki, özü yaxşı düşünsün, fəqət bir qeyrisini düşündürə bilməsin. Bir müəllimin öz elmini yaxşı bilməsi onun yaxşı müəllim olmağına hələ dəlalət etməyir. Uşaqlar çətin dərslərini asan və tez öyrənər isə, müəllim doğrudan da yaxşı müəllim olmağını göstərər. Kitab və ya məqalə yazan əvvəl gərəkdir oxucularını gözünün qabağına gətirib də öz-özündən soruşa: kimdən ötrü yazıram? Oxucular da mətləbi düşünməyə hazırdırlarmı? Bizimcə, cənab Sultanov kitabını yazanda bu sualları görünür ki, unudubdur. Cənab Sultanov öz müqəddiməsində deyir: "Bir neçə on il bundan əqdəm həkimlik sənət hesab olunurdu və o zamanın həkimlərini sənətkarlar deyə adlandırırdılar" və sonrakı sözlərindən də məlum olur ki, tibb elmi dərəcəsinə ancaq bu "bir neçə on ildə" çatıbdır. Yəni çox vaxt deyil ki, biz doğrudan da sənətkardan həkim olmuşuq. Biz özümüz bu yavuqdan bəri həkim olduğumuz halda və aramızda minlərcə müxtəlif məsələlər hələ həll olunmamış bir zamanda, xüsusən elmi-səhhət kimi müxtəlif məsələlərlə dolmuş bir şöbədən bəhs etmək və haman bəhsi hala təzə yazı-pozu başlamış camaata yazmaq, əlbəttə, olar. Fəqət səmərəsi? Haman müqəddiməsində insanın bədəni nədən ibarət olmağını yazıb da deyir: "Biz tapmışıq kletkanı ki, bədənimiz bütün ayrı-ayrı kletkalardan ibarətdir". Hətta böylə bir kotul dil ilə yazılmış, vəsf olunmuş kletka nədən ibarət olmağını 5 il kletka üstə çalışan həkimlər, əlbəttə, düşünəcəklər, fəqət oxucuların bu məsələdə də hazır olmaqlarını da nəzərə almaq lazımdır. Habelə cənab Sultanov uzun-uzadı "ümumi azarlar" barəsində bəhs edib öylə bir şeyləri meydana gətirir ki, həkim olmayan üçün gərəksiz məlumatdır, desək də yarar. Məsələn, oxucunun nəyinə lazımdır bilsin: "Deaqnustifə" nədir? "Anamniz" nədir? "Simpetyum" nədir? Və ya xalqın nəyinə lazımdır bilsin həkimlər nə fənd ilə mərəzi tapırlar? Böylə şeyləri yazıb cənab Sultanov gərəksiz misallar ilə, guya istəyir bu camaatı inandırsın ki, həkimlər şarlatan deyildirlər. Əlbəttə, bu barədə cənab Sultanov həkimlər tərəfindən təşəkkürlərə layiqdir. Fəqət bir az da gərək oxucuların səbrini nəzərə almaq! Oxucu üçün lazım böylə bir məlumatlardan sonra cənab Sultanov bakteriya barəsində uzun məlumat verir. Burada demək istərdik ki, ədəbiyyatımızda ən məşhur söz mikrobdur. Bu barədə türk və tatar dilində kitabçalarımız da vardır. Bu barədə çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi cəhətdən bakteriya, basil və ya mikrob bir-birindən fərqli olmuş olsa da, bakteriya yerinə mikrob işlətsək, dünyalar qara geyinməz, zənn edirəm. Burada cənab Sultanov öylə bir məsələlərə girişir ki, oxucular tamam kitabı yox, bəlkə bu iyirmi səhifədən ibarət məqaləni oxuyub qurtarandan sonra ancaq bunu biləcəklərdir ki, dünyada zərrəbini canlı heyvanlar (?) var imiş. Əsil elmi-səhhətə dair asan məsələləri axıra salıb ən çətin məsələlərdən başlamaq didaktika-elmi nəzərilə böyük bir xətadır. Bu elm deyir: əvvəl yavuqdan başlayıb uzağa getmək, yəni asandan başlayıb çətinə getmək. Cənab Sultanovun kitabında əsil hifzül-səhhətə dair məsələlər: toz, su, hava və qeyrilər axıra düşübdür. Ən çətin, bakteriya məsələsi qabağa keçibdir. Nədənsə, cənab Sultanov kitabda əsil elmi-səhhətə dair məsələlərə əhəmiyyət verməyir, verməyib də kitabına gigiyena--elmi-səhhət adı vermək böyük cürətdir. Məsələn, su kimi bir böyük məsələ barəsində bəhs açıb quyu, çay suları barəsində müfəssəl söyləmək olmaz. Nə üçün doğrudan da Avropada və yainki Rusiyada milyardlar xərc edib vodoprovodlar düzəldirlər? Burada vodoprovodlardan və ya kanalizasiyadan bir gözəçarpan statistika vermək və çıplaq sıfırlar ilə xalqın beynini oyatmaq nə gözəl olardı. Doğrudan da, Bakı camaatı, xüsusən müsəlmanlar hərgah bu vaxtadək içdikləri su nə olmağını bilsəydilər və onun zərərini düşünsəydilər, şollar suyu imdi Bakının küçələrində sel kimi axırdı. Haman su məsələsində filtirdənmi söhbət etmək olmazdı? Vəhalon ki, hazır filtirlər vardır ki, altı min bakteriyalı suyu təmizləyib bir bakteriya ancaq tapılır. Bu məsələdə artezian quyularımı əhəmiyyətsizdir? Bir yerdə həm su quyusu və həm rahatxana olub da, bunların bir-birinə yer altında yol olmağımı əhəmiyyətsiz məsələdir? Bəs xüsusi yer məsələsi necə oldu? Toz və hava barəsində yazıb da və məktəb məsələlərinə ciddi surətdə girişməmək böyük xətadır! Cənab Sultanov bu sualların cavabında deyə bilər: mən müxtəsər məlumat verməyimi kitabın müqəddiməsində yazmışam. Onda yaxşı olmazdımı dıq mərəzinə dair "Hava ilə müalicə" məqaləsini bir az gödək yazaydınız. Əcəba! Kimdir imdi həkimsiz girə azot və ya muşyak ilə özünə müalicə edən? Bununla belə, bu barədə məqalə kitabın üç səhifəsini tutubdur. Bunun əvəzində yaxşı olardı ki, bir az da işıq barəsində məlumat veriləydi. Daha doğrusu, sirayətedici mərəzlər barəsində yazıb da müalicələrinə artıq əhəmiyyət vermədən əsil hifzül-səhhətə dair məsələlərə geniş yer vermək əfzəldir. Kitabda bir neçə elmi səhvlər də vardır; fəqət bu səhvlər oxucular üçün bir o qədər əhəmiyyətli deyil. Lazım olursa, cənab doktor ilə bu barədə söhbət edərik, tainki kitabın ikinci çapında təkrar olunmasın. Bununla belə, cənab Sultanovdan təvəqqe edirik ki, cənab Meçnikovun qocalığa dair təsvirinə artıq dərəcədə diqqət versin. Cənab Meçnikovun qocalıq barəsində leksiyasını mən eşitmişəm. Ona binaən, cənab Sultanovun Meçnikov teoriyası barəsində dediyi sözlərə şərik olmam. Bu teoriya və immunitet məsələsinə dair ümidvarıq cənab Sultanov ikinci çapda lazım olan məlumatı versin. Çünki bu iki məsələnin gələcəkdə elmi-səhhətdə böyük rollar oynamağına heç şübhə yoxdur. Dil məsələsinə gəldikdə, doğrudan-doğruya cənab Sultanov bir hünər göstəribdir ki, kitab sadə, açıq türk dilində yazılıbdır. Fəqət cənab Sultanov türk dilinin ədəbiyyatına, sərf və nəhvinə bələd olsaydı, yaxşı olardı. Tibbə dair kitab yazmaq üçün zəhmət çəkənlərə bir söz də demək istəyirdik. Hal-hazırda tibb elminin böylə bir ağır şöbəsinə girişməkdənsə, bu şöbəyə dair, ayrıca-ayrıca məsələlər barəsində balaca kitabçalar yazmaq daha gözəl olardı. Hər halda, bu səhvlər ilə belə, möhtərəm yoldaşımız Kərimbəy Sultanovun "Hifzül-səhhət" kitabı müsəlmanlar üçün gərəkli bir kitabdır. Səhv etməyiriksə, bu kitab doktor əfəndinin əvvəlinci zəhmətidir. Ona görə böylə səhvlər iş başlayanlar üçün müyəssərdir. Bir də gərəkdir bunu bilmək: iş görən səhv edər, iş görməyən səhv etməz. Biz səmim-qəlbdən yoldaşımızın böylə bir müqəddəs yola ajar qoymağını təbrik edirik. Ümidvaram ki, Kərimbəy Sultanov alim bir adam olub da, göstərdiyimiz səhvlərdən qorxmaz və daha artıq ciddü-cəhd edərkən bildiyi məlumatları müsəlmanlar arasında intişar edər. Doğrudan da yeni oxumuş diplomlularımızın arasında Kərimbəy Sultanov öz kitabı ilə şəfəqlənir. Böylə qeyrətli cavanlarımızın artması millətimizin xoşbəxtliyidir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-felyetonlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.