Hekayələr Nəriman Nərimanov (1870–1925) Bir kəndin sərgüzəşti Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi. Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu. Nağıl edirlər ki, N. və İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər, ona görə də adları həmişəlik qalmışdır.... Bu iki məhəllə bir-birinə oxşamadığı kimi, bunların camaatı da bir-birinə oxşamırdı, yəni hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N. məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil kefdə, eyş və işrətdə keçirən bir xalq idi. Bu məhəllənin adamlarına dürüst diqqət olunsaydı, yəni bunların zindəganlığını mükəmməl surətdə bilən bir adam olsaydı, yəqin ki, deyərdi: belə bir zövq və səfa ilə yaşamaq bunlara irslə çatmışdır. Biləks, İ. məhəlləsinin camaatı zəhmətkeş bir camaat idi. Bura adamları vaxtında yerlərini əkər və vaxtında biçər; tez-tez şəhərə gedər, alver edər və şəhərdən bir çox şeylər öyrənib daima tərəqqidə bulunardılar. N. camaatı da şəhərə gedərdi, fəqət bu camaata məxsus onlar şəhərdən gələndə ancaq çayxanalarda, qəhvəxanalarda görüb-eşitdiklərindən dəm vurardılar. Vaxt bir vaxt idi ki, şəhərlərdə məktəb az tapılardı. Bununla belə İ. məhəlləsinin camaatı məktəb fikirinə düşmüşlərdi. Fəqət N. məhəlləsi bu fikirə bir növ mane olurdu. Məsəla, belə bir məsələ üçün kəndxuda (starşina) hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. İ. məhəlləsinin vəkilləri həmişə gələrdilər, halbuki N. məhəlləsindən bir adam da gəlməzdi. Ona görə də məktəb məsələsi uzandıqca uzanırdı. Xülasə İ. məhəlləsinin camaatı camaat işlərində artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. Sudya, kəndxuda və yainki müəyyən bir iş üçün inmirəlilər həmişəcidd-cəhd edərdilər ki, əməlli adamlarını seçsinlər, yəni seçdikləri şəxslər işə yarayan olsunlar, müftəxor olmasınlar, rüşvət yeməsinlər, camaata xəyanət etməsinlər. N. məhəlləsinin adamları camaat işlərinə qarışmazdılar. Hərdənbir vəkil lazım olanda "Əmi" sözü ortalığa düşərdi. Bu Əminin adı uzun olduğu üçün kimsə onu adı ilə çağırmazdı. Zatən Əminin adını demək olmazdı, çünki N. məhəlləsində böyükləri öz adları ilə adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtərəm adamlara kərbəlayı, məşədi, hacı, xozeyin, fəqət ən böyük adama bu məhəllədə Əmi deyirdilər. Bu məhəllədə, həqiqət, Əmidən başqa bir böyük adam yox idi. Hətta Əmi bir dərəcədə məşhur olmuşdu ki, qeyri kəndlərdə, hətta şəhərlərdə də bu adla tanınmışdı. Xülasə, hamı buna Əmi dəyirdi. Əmi 70-80 yaşında olardı. Amma bunu da demək gərək ki, bu məhəllədə heç kəs Əminin yaşını bilməzdi. Hamı göz açıb onu tərlan kimi gözəl görmüşdü. Ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. Dövləti başından aşardı. Nəinki N. məhəlləsində, bəlkə bütün kənddə, uezddə dəxi bundan dövlətli zəngin bir adam tapılmazdı. N. məhəlləsinin camaatı Əmini çox sevir və ona hörmət edirdilər. Bu da səbəbsiz deyildi. Məhəllənin ac bəyləri həmişə bundan borc alardılar. Əksərəndə də vaxtında borclarını verə bilməzdilər və yerləri Əmiyə keçərdi. Əmi qeyri adamlara da sələmlə pul verərdi. Kişi doğrudan da yaxşı adam idi. Kasıb-kusuba kömək edərdi. Bunlara pul buraxardı. Ancaq borcunu vaxtında verməyəndə onlara ağalıq etməyi də unutmazdı. Yəni ata oğluna tənbih edən kimi Əmi də onlara nisaq biçərdi ki, gələcəkdə sözlərinin üstə dursunlar ... və bu səbəblərə görəmi, ya qeyri bir səbəblərə görə camaat Əmini çox sevərdi. Və sevmək də lazım idi, çünki N. məhəlləsinin camaatından xəbərsiz Əmi lazım olan vaxt camaatın tərəfindən danışar, işlərini düzəldər, onlara artıq zəhmət verməzdi. N. məhəlləsinin camaatına da belə bir şey lazım idi. Starşina ilə, pristavla çənələşmək asan iş deyil, bir az hətta xatası da var. Bir də pristav və naçalnik gələndə həmişə Əminin evində düşərdilər. Bu iş Əminin adını daha artıq ucalandırırdı. Bunu Əmi özü də anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belə adamlarla durub-oturmaq camaatın nəzərində böyük şeydir. Hətta belə olmuşdu ki, İ. məhəlləsinin camaatı da Əmidən çəkinirdi və özü də bunu guya sevirlər, buna hörmət edirlərdi. Fəqət ürəklərində buna gülür və çox şad olurdular ki, N. camaatının arasında Əminin nüfuzu gündən-günə artır. Şad olmaqlarına da səbəb var idi. İ. məhəlləsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini ancaq dünyadan xəbərdar, elmli bir adam yaxşı apara bilir. Əmi isə öz kəndindən başqa özgə aləm görməmiş, bir şeydən baş çıxarmazdı. Doğrusu, İ. məhəlləsinin camaatı durbin camaat idi. Əminin N. məhəlləsində nüfuzu artmaq üçün qəsdən Əmini tərif edir və naməlsəmlilərə: "Siz çox xoşbəxtsiniz ki, Əmi kimi böyüyünüz var" deyirdilər. N. camaatı da bu sözləri eşidib deyirdi ki, "Gör Əmi necə ağıllı, fərasətli adamdır ki, rəqiblər də onu böyük adam hesab edirlər". Daha bizim sözümüz olmaz. Bu xəyalla daha Əmiyə artıq bir iman gətirir, işlərini, hüquqlarını tamamilə ona tapşırırdılar. Hətta iş bir mərtəbəyə çatmışdı ki, ortalığa ən mühüm bir məsələ gələndə N. camaatı heç bir vaxt yığılıb onu müzakirə etməzdi və etməyə ehtiyac da yox idi; çünki yüz baş bir olsa idi, genə Əminin başı kimi olmazdı. O deyən gərək olaydı. Ona görə camaat da arxayın olub öz yerində oturmuşdu. İ. məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. Doğrusu, iki məhəllə ata-babadan bir-birinə düşmən gözü ilə baxırdı. Ona görə də bu kənddə kəndxuda naçar bir halda bulunurdu. Bu kənddə bir-iki ildən artıq kəndxuda davam edə bilməzdi. Kəndxuda İ. məhəlləsindən olanda öz məhəlləsinin tərəfini saxlardı. N. məhəlləsindən olan da öz camaatının tərəfini saxlardı, nə isə, kəndin baxtındanmı, ya bir qeyri səbəbdənmi bu kənddə də bitərəf kəndxuda tapılmırdı. Amma yenə İ. məhəlləsinin tərəfini saxlayan kəndxuda bir az çox davam edirdi; çünki İ. məhəlləsinin tərəfdarı bilirdi ki, tamam N. məhəlləsi bir Əmidən ibarətdir, Əmini də lazımınca görərdi. Əlbəttə Əmiyə pul lazım deyildi. Bir medal və bir xaç almaq hər şeydən yaxşı idi. Doğrudan da, Əmi dünyanın hər bir ləzətini görmək istərdi. Və nə üçün də görməsin?! Fikir edərdi: pul ki var, onunla hər şey almaq olar; hətta onunla böyüklük də qazanmaq mümkündür. Və heç bir təəcüb etməməli! Həqiqət, pulun gücünə böyük adam olmaq olar, yəni böyük adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinə qoyun, birinə inək bağışlardı. Birinə motal göndərərdi. Nə bilim daha, nə, nə! Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. Adam öldürmək, oğurluq, quldurluq nəhayət dərəcədə intişar tapmışdı. Kəndin öz xahişinə görə bu kənddə dövlət tərəfindən bir bitərəf kəndxuda təyin olundu. Doğrudan da təzə kəndxuda yaxşı adama bənzəyirdi. Bunun adı Daşdəmir idi. Doğrudan da dəmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyətli bir kəndxuda idi. Kəndin işlərini gələn kimi düzəltdi. Oğurluq, quldurluq tamamilə götürüldü.... Bir neçə vaxt keçəndən sonra təzə kəndxuda gördü ki, N. məhəlləsinin camaatı heç bir vaxt kənd işlərinə qarışmır və çağıranda da gəlmir; ancaq Əmi camaatın tərəfindən hərdənbir ortalığa tullanır. Məsələ, kənddə məktəb açmaq istəyirlər. İ. məhəlləsinin üzdə olan adamları tamamilə gəlir, danışır, çığır-bağır salırlar. N. məhəlləsindən ya heç adam olmur, ya olsa da bir Əmi gəlir, ya gəlmir.... Bir gün belə, iki gün belə.... Axırda bir gün Daşdəmir kəndxuda arvadına deyir: "Mən, doğrusu, N. məhəlləsinin adamlarına təəccüb edirəm. Bunlarda heç bir insan sifəti görünmür, bunlar qoyun kimi şeydirlər. Amma qaldı ki, İ. məhəlləsinin adamları yırtıcı bir camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların aralarında bəyzadəzad yoxdur, hamısı fəqir adamdırlar. Fəqət dünyadan xəbərdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünə tökülürlər". Arvad kəndxudaya dedi: "İ. məhəlləsinin camaatını sən hala yaxşı tanımırsan. Hərgah istəyirsən ad qazanasan, qulluğun artsın, özünü o tərəfə ver, çünki onlar çığıran-bağırandırlar, heç bir şeydən görəsən ki, bir böyük şey düzəltdilər. Mənim atam bu məhəllədən olmağa görə bunların barəsində uşaqlıqdan çox şeylər eşitmişəm". Arvadın sözləri kəndxudanın beyninə batdı. O gündən kəndxuda N. məhəlləsinin camaatına qeyri bir nəzərlə baxardı. O məhəllədən bir adam şikayətlə gəlirdisə Əmidən soruşardı. Əmi də işə baxardı. Özünə xoş gələn adam olsaydı, deyərdi, gərəkdir kömək oluna, xoş gəlməyən adamı itirdirdi. Buna birəks İ. məhəlləsində bir ittifaq düşərdisə,tez özü gedərdi, işlərinə diqqətlə baxardı, sərəncam çəkərdi.... Nə isə Daşdəmir kəndxuda işlərini bir növ yola aparırdı. O, hamı kəndxudalardan bu kənddə artıq yaşadı. Hörməti də günbəgün naçalnik yanında artdı. Axırda bu payəyə çatdı ki, bir gün qubernator kəndə gələndə ağsaqqalların hüzurunda kəndxudaya dedi: "Mən sənin qulluqların əvəzinə böyük mənsəb verəcəyəm". Bu məclisdə Əmi də var idi, camaat isə öz tərəfindən kəndxudanın yaxşı adam olmasını qubernatora söylədi. Bu gündən Əmi daha da Daşdəmirə yavıqlaşdı. Nə üçün də yavıqlaşmasın?! Gördü ki, kəndxudanın xatirini qubernator istəyir. Əmiyə də elə bu lazım idi.... Kəndin yavıqlığında bir bulaq var idi. Qədimdən adət üzrə bu bulağın suyunu həftədə üç gün bir məhəllə öz tərəfinə aparardı. Bir gün belə oldu ki, İ. məhəlləsi suyu dörd gün öz məhəllələrinə buraxdılar. N. məhəlləsinin adamları bu əhvalatı Əmiyə dedilər. Əmi dedi: "Yaxşı, mən danışaram". Doğrudan da Əmi kəndxuda ilə görüşüb bu əhvalatı dedi. Kəndxuda Əmiyə dedi: "İ. məhəlləsi üçün bu həftə su çox lazım olduğuna görə məndən təvəqqe etmişdilər ki, bir gün artıq su götürsünlər. Sizdən təvəqqe edirəm kəndxudanın işinə qarışmayasınız". Əmi övqatı çox təlx evə gəldi. Amma bunu da bilməli ki, Əmini kəndxudanın sözləri qorxutmuşdu. Bu vaxtədək Əmi belə sərt söz eşitməmişdi. Əmi fikir edərdi; görünür kəndxudanın beli bərkdir ki, Əmi kimi adamla belə cürətlə danışır, bununla belə Əmi məhəlləsinin adamlarına dedi:--Bəli, mən kəndxudaya əhvalatı dedim o, əfsus etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi. Məhəllə camaatı sakit oldu. Bu əhvalat hər ikisini imtahan meydanına çəkdi: Əmi puluna, adına ümid bağlayıb fikir edərdi: "Əlbəttə, kəndxuda mənim sözlərimi yerə salmaz". Kəndxuda isə sərt cavab verib Əminin gücünü sınayırdı. Bu fikir edərdi: "Hərgah doğrudan Əmi sidq ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir.Yəni camaata düz-düzünə deyər, camaat isə öz hüququnu müdafiə etmək üçün yanıma gələr, dərdini söyləyər...." Həqiqət, kəndxuda ağıllı bir adam idi. İki həftədən sonra İ. məhəlləsinin adamları yenə də bir gün artıq suyu öz məhəllərinə buraxdılar.... N. məhəlləsi yenə Əmiyə ricu etdilər. Əmi yenə söz verdi ki, kənxuda ilə danışar. Fəqət bu dəfə Əmi qorxusundan kəndxudaya heç bir söz demədi. Bununla belə məhəllə camaatına dedi ki: Kəndxudaya olmayan sözləri dedim, kəndxuda isə cavab verdi, məni bağışlayın, daha belə şeylər olmaz. Camaat Əmiyə inandı və sakit oldu. Yenə bir gün belə bir ittifaq düşəndə N. məhəlləsinin bir neçə cavanları daha səbr edə bilməyib əllərində bel su başına getdilər. Bu vaxt İ. məhəlləsinin cavanlarından da bir neçəsi su başında oturmuşdular. İki məhəllə adamlarının arasında söz oldu. N. məhəlləsinin adamları istədilər suyu öz tərəflərinə buraxsınlar. İ. məhəlləsinin adamları bunlara mane oldular. Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar.... Bunların çığırtısına kənddən hər iki məhəllədən adamlar töküldülər. Kəndxuda gəldi. N. məhəlləsinin adamlarından bir neçəsini tutdurdu. İ. məhəlləsinin adamlarına bir söz də demədi. N. məhəlləsinin adamları Əminin yanına gəldilər, əhvalatı söylədilər. Əmi çığır-bağır etdi: atdı, tutdu və axırda dedi: "Heyif ki, mən hazırda naxoşam, siz gediniz rahat olunuz, görərsiniz, mən kəndxudanın başına nə oyunlar gətirəcəyəm." Məhəllə adamı inanıb getdi, sabahı gün Əmi axşamçağı bir qoyun, bir motal kəndxudaya göndərdi, sonra özü də getdi.... Kəndxuda Əmini görüb dedi: "Dünənki əhvalat mənim övqatımı təlx edibdir. Bu gün naçalnikə də, qubernatora da raport yazmışam. Bir-iki adam gərəkdir bu kənddən sürülə, özü də sizin məhəllədən." Əmi gülümsünüb dedi: "Bəli, bəli, bizim məhəlləni xarab edənlər var. Bir-iki başlarına at təpmiş cavanlar gərəkdir bu kənddən sürülə...." N. məhəlləsinin camaatı gözlədi, gözlədi, bir şey çıxmadı. Kəndxuda öz-özünə fikir edirdi: "Doğrudan da bu məhəllənin camaatı heyvan qismi bir zaddılar. Bunların başlarınə nə gətirərsən yarar". Bununla belə İ. məhəlləsinin camaatı səhərnən açıq-açığına kəndxudanın evinin qabağına dəstə-dəstə yığıldılar, səs-küy etdilər və üç adamın kənddən sürülməyini tələb etdilər. Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər. Bu davadan sonra iki məhəllənin arası daha da yaman pozuldu: hər yerdə hər zaman əllərindən gələn pisliyi bir-birinə edərdilər. Bir gün N. məhəlləsinin arvad-uşaqları su başında olarkən İ. məhəlləsinin cavanları bu arvadlara sataşırlar. Hətta bir-iki qız-gəlin tutub öpürlər. Arvad-uşaq bir-birinə qarışıb kəndə qaçır, hərə öz evində bu əhvalatı söyləyir. Məhəllə adamı bilmir nə etsin. Çarə yoxdur, yenə gərəkdir. Əmiyə demək, onunla məsləhətləşmək! Əminin yanına gəlib əhvalatı söyləyirlər. Əmi məhəllə qeyrətini göstərməkdən ötrü papağını qoyur yerə, yumruğu ilə stola vurub deyir: "Siz bircə rahat olunuz, görərsiniz mən bu kəndxudanın başına nə işlər gətirəcəyəm. O nə adamdır ki, mən onunla danışım, bu günlərdə şəhərə gedəcəyəm, düz qubernatorun yanına gedib tamam əhvalatı söyləyəcəyəm." Bir-iki gün bundan keçmiş kəndxuda Əminin yanına gəlir. Əmi tez xörək tədarük etdirir. Ancaq kəndxuda deyir: "Cənab Əmi, sizin yanınıza xörək yeməyə gəlməmişəm. Mən gəlmişəm sizə bir neçə söz deyəm: Mən eşidirəm sizin məhəllədə bir neçə tədarüklər görülür, guya sizin məhəllə İ. məhəlləsinin üstə düşüb istəyirlər dava edələr. Mən yaxşı bilirəm ki, məhəllə adamı sizin sözünüzdən çıxmaz.... Bu, naçalnikə də məlumdur.... İndi özünüz bilirsiniz, hərgah belə bir əhvalat olsa siz cavab verməlisiniz...." Əmi doğrudan doğru qorxdu və dedi: "Cənab kəndxuda, mən hamının tərəfindən söz verirəm ki, belə şey heç kimin başında ola bilməz və camaatımız heç vaxt belə naqabil işlər etməz." Kəndxuda durub gedəndə Əmi yüz manat da verdi ki, kəndin yetim uşaqlarına, dul arvadlarına paylasın ... kəndxuda gedəndən sonra Əmi tez məhəllədən bir adam çağırtdırıb dedi: "İndi kəndxuda yanıma gəlmişdi. Eşidibdir ki, bizim məhəllə adamı istəyir dava etsin." Mən kəndxudaya dedim: Əlbəttə, bu biabırçılığı kim qəbul edər ki, biz edək. Mən dedim hələ qubernatora bu əhvalatı deyəcəyəm. Kəndxuda məndən təvəqqe etdi ki, mən bu adamın qabağını saxladım; çünki müqəssirlər öz cəzalarına çatarlar. Ancaq bir az səbr lazımdır. İşlər hamısı düzələr, barışıq düşər.... Bunun cavabında mən dedim: Yox, olmaz, bu işi belə qoymaq olmaz. "Bu sözləri Əmi acıqlı deyib bir az fikrə getdi." Sonra başladı: hər halda belə bir əhvalat varsa siz qabağını saxlayın, çünki mən qubernatorun yanına gedib hamı işlər düzəldərəm və çalışacağam bu kəndxudanı buradan götürsünlər. Əminin yanına yığılan adamlardan biri dedi: "Əmi, sən bizim atamızsan, nə deyirsən qulaq asırıq. Ancaq belə də olmasın ki, bizim arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qəbul edə bilmərik." Onun cavabında Əmi dedi: "Siz arxayın olun, mən özüm bilirəm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız." Doğrudan da sabahı gün Əmi şəhərə getdi. Alver edib kəndə qayıtdı. Qubernatoru nəinki görmədi hətta qorxusundan qubernator olan küçədən də keçmədi.... Məhəllə adamı Əminin şəhərdən gəldiyini eşidib bir-birinə dəydilər. Xalq Əminin evinə töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir verdilər. Əmi bunlara cavab verərək dedi: "A kişilər, siz bilmirsinizmi mən ölənədək varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə oturunuz, işin aqibətini gözləyiniz." Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəlləsindən bir neçə adam qazamata düşdü.... İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə bir ayaq aldı ki, daha o məhəllənin qorxusundan, axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa bilməzdi. Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlərinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etməyəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi.... Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazımdır işlərini düzəldirlər. Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan işləri N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə naçalnik, qubernatorun yanında hörməti günbəgün artırdı. Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. camaatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düşdülər. Kəndxudanın getməyindən bir gün müqəddəm Əmi öz məhəlləsinin adamlarını yığıb gülə-gülə onları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu zalım balası başımıza nə oyunlar gətirdi. İndi biz gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola düşəndə heç kim onu ötürməyə çıxmasın. Onunla salamlaşmasın. Fəqət bir mənim getməyim məsləhətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: bilsin, düşünsün ki, biz də varıq.... Camaat buna razı oldu. Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb kəndxudanı ötürməyə hazırlaşdılar. N. məhəlləsindən isə Əmidən başqa bir adam yox idi. İ. məhəlləsindən vəkillər bir-bir qabağa yeriyib kəndxudanı alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı. Bu halda Əmi də qabağa yeriyib dedi: "Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsinin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə çox görməsin. Sizi özümüzə ata bilirdik.... " Hətta yalandan dodağını da büzdü ki, guya ağlamaq istəyir.... Həqiqət, halda isə N. camaatının bu yığıncaqda olmamağını kəndxuda heç bilmədi və hiss etmədi. Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın əvəzinə həmişə Əmi söylərdi o da ki, burada. Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda gedə-gedə öz aləmində fikir edirdi: "N. məhəlləsinin camaatı qəribə bir camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki, çox axmaq. Mən əlimdən gələn yaxşılıqları onların düşmənlərinə etdim, onları hər vaxt düşmənlərinin ayaqlarına verdim, bununla belə yenə də Əmi kimi nüfuzlu bir şəxsi məni təbrik etmək üçün göndərdilər. Kəndxuda doğrudan da bilmədi bu camaaat nəyə qulluq edir, hansı allaha səcdə edir, hansı ağlın, hansı qeyrətin sahibidir. * * * İdil kənarında (Bir romanın başı) Nə gözəldir İdil çayı! Hacıtərxan dairəsində bu çay daha gözəl nəzərə gəlir. Bu dairədə buna çaymı, ya bir uzun göl, ya bir uzun dəniz də desənyaraşar! Həqiqət, çay axar suya deyirik, deyilmi? Hacıtərxan dairəsində İdilin haraya axmasını ancaq su üzərində üzən taxta parçalarından və qeyri suda üzən şeylərdən də bilmək mümkündür. İdil həqiqət axırsa da Kür və Terek kimi qıjıldamır. Səssiz-səmirsiz böyük, geniş, həmvar, gözəl, mülayim, məğrur İdil müdam hərəkətdə bulunursa da, gah vaxt suyun üzü şüşədən körpü yapılmış kimi nəzərə gəlir. İdil bu halətində xüsusən gecə ay işığında daha ziyadə görünür. Ay işığında suyun nazik, xırdaca ləpəcikləri ürəyi saf, ruhu təmiz, tam vücudu məhəbbət ilə dolmuş gözəlin şəfəqli, mehriban gözlərinə bənzəyir. Bu gümüş şəfəqli ləpəciklərə diqqət ilə baxınız: biri batır, əvəzinə bir qeyrisi şəfəqlənir. Guya utancaq bir gözəl gah sizə baxır, gah yerə.... Ah, bu gözlərdə olan nəzakət, məhəbbət, hissiyyat hansı bir əzada ola bilir? Öylə bir gözlərə diqqət ediniz: sizi sözsüz dəvət edir. Sizi dünya məşəqqətindən, müdam həyat müharibəsindən bir neçə saat xilas etmək istəyir. Siz gedirsiniz yaşıl ot üzərində əyləşib gah buludsuz göyə, gah bu ox kiprikli məhəbbətlə dolmuş gözlərə baxırsınız, sözsüz-felsiz bir-birinizi düşünürsünüz. Qeyri bir halətdə bulunmağınızı hiss edirsiniz.... Belə bir halətdə dünya məişətini, saatda qəlbinizi pozan, qanınızı xarab edən işləri bilmərrə unudursunuz, unudub da əcəba, bu halət, bu ləzzət nə üçün həmişə müyəssər deyil deyib fikrə gedirsiniz.... Bu gümüş şəfəqli nazik ləpəciklər də sizi məhəbbət aləminə dəvət edirlər. Onlar guya deyirlər: bəsdir, zəhmətdə bulundunuz. Tam gün məşəqqətdə bulunan əzaları rahat ediniz. Məhəbbət nə olduğunu düşününüz.... Ah, nə gözəl mənzərə! Nə gözəl aləm! Diqqət ilə baxıb da qulaq asınız bu nazik ləpəciklər nələr söyləyirlər. Necə şirin nəğmələr oxuyurlar.... Ana balasını "layla balam, layla" sözləri ilə rahat edir, deyilmi? Siz də gərdişi sevirsiniz isə haman laylanı bu ləpəciklərdən eşidirsiniz.... Ürəyiniz aram ilə döyünür, ruhunuz artıq dərəcədə ləzzətdə bulunarkən fikir edirsiniz. Əcəba, başımda tam gün dolanan qara fikirlər, ürəyimi hər saatda, hər dəqiqədə iztiraba salan işlər harada qaldı? Tamam vücudunuz ilə gərdişə tabe olub da öz-özünüzə deyirsiniz: mən sevirəm, mən hamını sevirəm.... Canlı, cansız şeylər, bu oturduğum qayıq, bu qayığın dörd tərəfində balaca ləpəciklər, bunlara işıq salan ay, bu üstümdə baxan ulduzlar, bu qayıq altında üzən balıqlar, o kənarda gəzən heyvanlar, bu heyvanlara sahib olan insanlar--bunlar, bunlar hamısı guya mənim məhəbbətimi tələb edirlər.... Fəqət bir az keçmiş gördüyünüz və məhəbbət bağladığınız mənzərə təğyir tapır: odur, bir böyük paraxod tapbıldaya-tapbıldaya var qüvvətlə suyu yara-yara gedir də İdilin həmvar üzünü çaxnaşdırır. Zorba ləpələr paraxodun hər iki tərəfindən, "şişş", səslə bir-birini qovurlar. Rastlarına gələn ufacıq qayıqları, ölüm çanaqlarını bir neçə arşın yuxarı qalxızırlar. Dağın başında bir uçuruma düşən şey kimi balıqçılar bu ölüm çanağında gah yuxarı qalxırlar, gah birdən quyuya bənzər iki ləpə arasına düşürlər. Fikir edirsiniz.... Budur, qayıqçılar hazır suya qərq olacaqlar.... Mənzərənin belə bir təğyir tapmağı halınızı büsbütün dəyişir. Sizə layla vəd edən ləpəciklərin əvəzinə zorba, dəhşətli, hirsli ləpələr, paraxodun suyu yarıb iti getməyi, balıqçıların təhlükəli halları, səs-küyültü, fışıltı sizi yuxu aləmindən yenə məşəqqət aləminə salır. Yenə əski fikirlər. Yenə müharibə, yenə həyatı hifz edərkən həyatı puç etmək, yenə də tərəqqi-tənəzzül, büğaz, həsəd, kizb, yenə də qanlı başlar, şad-xürrəm qəhqəhələr, yenə də acından quru yerdə zır-zır edib can verənlər, qaz əti ilə plov yeyib qu balış üstə istirahət edənlər, yenə millət naminə işləyib milləti satanlar. Ah, gözəl İdil, mən bu fikirlərdən bir neçə saat azad olmaq istədim, ruhum, bədənim mənim təbii yorunuq istərkən mən sənin nazik, nəzakətli ləpəciklərinə pənah gətirirdim. * * * Pir İyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu: "Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək." Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb istəyirdi yerini yığsın, bu vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi: "Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir,sən uşağı durquz." Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu. "Bir az yavaş, qorxar!"--deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi. Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də buna oxşar sözlər idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir, pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah, mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir vaxtda dedi: "Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə istəsəniz qəbulə keçər. Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad ver!" Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt idi: övladı olmurdu. Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı. Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu. Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin ərzində iki dəfə uşağa qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu. Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün bədənini ağrı tutardı. Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi. Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə naxoş, zəif olduğuna görə ev işləri yaxşı getmirdi.... Məşədi də "məhrəm" bir "qulluqçu" gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi ki, gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp, həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədr-qiymətini" bilən adam deyildisə də, daha çox da gözəl arvad almaq fikirlərini etməzdi. Ona ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən almayıb kənddən aldı? Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi.... Məşədi də fikir edərdi: "Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola. Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi.... Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu. Çünki naxoş, zəif arvada yazığı gəlirdi. Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə milyon arvadları vəhşi edərdi.... Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də istəməzlər.... Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı.... İndi odur, hələ dünyanın işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə gün qalmış pilləkənlərdən çıxıb-düşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən oynayıbdır".... Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar axşamlar evə gələndə darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib diksinməsin. Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı. "Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?"--deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı.... Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını, "pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirə göndərsin. Bunu fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sədası gəldi. Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün şeylər alsın. Çuxasının bir qolunu geyib birini də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan gülərdi, ucadan salam verərdi, hətta tanımayan adamlara da salam verərdi. Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin. Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin kefini xəbər almadı ki, bəlkə söz açıla.... Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-gülə dedi: "Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə." Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı: "Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub dedi: "Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?" "Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...." "Yəni, necə sonra?" "A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!" Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri olmasın? Nə üçün bu öz dili ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...." Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra" sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi. "Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!" Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu sözləri Məşədi Allahverən bütün varlığı ilə hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi: "Bəli, allah-taala bizə bir oğul bağışladı." Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı Xudaverdidən yenə də bir söz gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda oynayaq....". Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki Kərbəlayı Xudaverdi gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra sözlərinin dalı gəlmədi.... Məşədi də ancaq bir dolmalıq alıb apardı. Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi: "Hə, əhvalı necədir?" "Yaxşıdır, yaxşıdır!" "Göbəyi-zadı öz yerindədirmi?" "Bəli, bəli!" Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi alıb Məşədi Allahverəni uşağın yanına buraxdı. "Hə, necəsən?" İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə bilim nə, nə ... hamısı bir-bir fikrindən keçirdi. Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin ərzində çox balaları gözdən keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı qədərindən yekə bir uşaq idi və bir az da qeyri bir iy verirdi.... Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar.... Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fəqət Cəbidə bu əhvalatlar görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü.... Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi: "Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın." Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə getdi. Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də deməyib dərman yazdı. Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək.... Arvadlar evə qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi: "Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı bilirəm, yaxşı tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, anasını çağırarlar, babasını qəbirdən çıxartmaqdan da bunlar çəkinməzlər.... Gör nə axmaq-axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et, yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar boş sözlərdir.... Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. Bir azdan sonra Gülbadam uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam ərindən izinsiz getmişdi. Gülbadam əhvalatı açıb dedi: "Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə həkimə getmişdim. Uşağa diqqətlə baxıb o da dedi, atasını görsək yaxşı olardı. Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-özünə fikir edirdi: "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi. Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu: "Həkimbaşı, mənim uşağımın mərəzi nədir?" Həkim dedi: "Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və anasında aramaq lazımdır və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf olar və yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demək lazımdır: mərəz ağır bir mərəzdir.... Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla olubmuş. Bir az sonra yenə də məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş.... Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi: "Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə ediniz...." Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm Gülbadam və həm özü Cəbi kimi bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan vaxt Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... Nə üçün daha oturmuşam!...." O idi ki, Məşədi Allahverən cümələr uşağı pirə aparırdı. Bu cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun. II Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin getməyinə də bir səbəb var idi. Biri Məşədi Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicə etməyib traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. Fəqət çox adam Məşədi Allahverən kimi "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri qəbula keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, inanmamaq da olmazdı. Çünki bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur imiş, pirə nəzir deyibmiş.... İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur.... Filankəs filan şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ... nə.... Fəqət il uzunu pirə sürünən çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı.... Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər. Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki, toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az: çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da nə idi: oruc, namaz, zəkat, fitrə.... Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman.... Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur. Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar. Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur. Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə suyulub arvad almasın.... Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab, başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir.... III Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur, Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər.... Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər. Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi. Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı. Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi. Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük olmuşdu.... İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər, qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi. Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi. Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli saleh olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz? Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T... kəndindən bura gətirmişdilər, dərhal bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün.... Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər.... Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin! İnşaallah, qəbula keçər" sədası eşidilirdi. Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı. Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi: "Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....". Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi: "Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala, oğlum! At çox istəyirsən, ya eşşək?" Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən danışdırırdı.... Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək xərc istəyirdi.... Gülbadamın da özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələcəkdə belə bir bədbəxt dünyaya gəlməyə....". Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı.... Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi. Belə bir qarışıq fikirlərdə bir Məşədi deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir neçə dul kişi, bir neçə dul arvad özgə xəyallarla pirə getmişdilər.... Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri eşidib bunlar da "lənət şeytana" deyirdilər.... Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər, bir də bir az Molla Cəfərqulu.... Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini bilirdi. Molla Cəfərqulu ağıllı bir adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidən başqa kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir.... Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən gedər. Bilirdi ki, heyvana bir yem lazımdır.... Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar.... Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z... kəndinə gəldi, "mən mərsiyəxanam", dedi. Z.... kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi. Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi".... Bir az zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər: "Bunun zənguləsinə heç zəngulə çatmaz....". Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala baxardı, hətta sonralar həkimlik də edərdi. Axırda yerini isti görüb Z... kəndindən bir arvad aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu. Elə də deyildi ki, Molla Cəfərqulunun tək bir oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki, Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək, filan cibkəsən, filan lotu, daha nə bilim, filan filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır.... Molla Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab olunur. Elə də insafsız adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı. Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin, balaca qapısını gərəkdir açıb nəzirlərə "baş çəksin".... Bu cümə də Molla Cəfərqulu qonaqlarını yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi.... IV Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir.... Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin kəramətlərini başından keçirirdi və hərdənbir "çox şükür, pərvərdigara!" deyib balasının halına yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi.... "Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki, bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən bilsin, düşünsün, sonra şükürlər etsin.... Xeyr, belə deyildi.... "Hər şeyi allah yaradıbdır" sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu ilə bunu düşünməzdi. Heç olmazsa bədəninə diqqət edib dəqiqədə yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini eşidə idi. Və bu ürəyinin dayanmağı bütün bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu, Məşədi Allahverən üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb qırmızı almalar ağaclardan sallanır.... Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın qüvvətini, qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü üstə düşmüş dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı.... Gördüyü, eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kənar salmışdılar: filan şeyi etsən allah səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ... nə.... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu, rabitə pozulurdu.... Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar.... Nə olardı ki, buna deyəydilər allah adildir, hamıya bir gözlə baxar, allah mehribandır--hamını sevər, bəslər.... Xeyr. Məşədi Allahverənə allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər.... Düşünmədilər ki,qanunla, qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz.... Həqiqi məhəbbət üçün görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə: namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi.... Ona yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!". Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi. Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən.... Bunlar isə həmişə deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi verəcəkdir.... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi allaha həqiqi məhəbbət bağlamış olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi? Həqiqi allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı.... Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya getdi.... Namaz vaxtına bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı, yenə şükürlər etdi, sonra tələsik Gülbadamı səslədi: "Ay qız, Gülbadam! Gülbadam!" Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın bir köynəkdə yerində oturub deyir: "Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...." "Allah xeyir eləsin!"--deyib, Gülbadam qulaq asdı. "Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım yüyürə-yüyürə üstümə düşdü və dedi: "Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım...." Gülbadam başını aşağı salıb: "Allah xeyir eləsin!"--dedi və başını tez balışa atdı. Məşədi Allahverən dedi: "Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?" Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq"--deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin yuxusu Gülbadamın tamam mazisini göz qabağına gətirdi. V Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum idi. Fəqət nazik çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa idi də üzünü eyibli etməzdi; çünki onun böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu gözlərdə qeyri bir hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər çalışardı ki, qızı atasının yoxluğunu hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. Əri öləndən sonra mamalıqdan başqa ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə üçün də istəməyə idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona ehtiyacım yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir yaman adama rast gəldim. Yox, yaxşısı budur ki, öz əlim öz başımda, tək bir qızım üçün gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm.... Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim, yel vurub çarşabımı açdı; filankəs də keçirdi, məni gördü". "Eybi yoxdur, qızım"--deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz desin?...." Həqiqət, Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı arvad bilərdilər və hörmətini saxlardılar. Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla Cəfərqulunun qardaşı Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib, İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə bir şey gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki, qafqazlıları savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı.... Axırda bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta bu işin xatirəsi üçün möminlər cərgəsinə daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı. İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı, ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli "Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ gəldi və burnu ortadan çökəldi. Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki həkim onun dərmanından buna da verərdi.... Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə tez köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı ki, müalicə etsin. Qoca kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu.... Günbatan vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da aparsın, əmisinə lazım olarsa, qulluq etsin.... Xülasə, ikisi də yola düşdülər. Bunlar gəlməkdə, əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar.... Əmisi M... kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı həmişə cibində şam və spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi. Bunlar yavaş-yavaş gəlirdilər. Qoz ağacına çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı. Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cəfərqulu qızışmış heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...." Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik özünü itirib Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki, haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında tez şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa. Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz uzanıbdır, Molla Cəfərqulu isə namaz qılır, şam da qibləsidir.... Çoban:--Nə olubdur?--deyə soruşdu. Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi: "Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca yavuqlaşanda ağacdan səs çıxdı. Bu zavallı arvad tab gətirə bilməyib qəşş etdi...." Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını torpağa qoydu və sonra ayağa durub dedi: "Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi: "Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, qeyri bir adam xəbər verərsə pir yox olar.... İndi sən get, özün də dalına baxmayasan, evdə danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən, sabah bunun duasını oxuyub elan edəcəyəm.... Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam yavaş-yavaş ayılıb başının üstə Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən ağladı.... Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--Aramızda olan əhvalat açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən. Gülbadam çox da fikir etməyib dedi: "Səni and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm ki, sənin bu hiyləni ölənədək açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...." Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da dinməz-söyləməz dalıca gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə elan etdi. Gülbadam isə şeylərini yığıb əmisinin evinə köçdü. Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-tələsik köçməyinin səbəbini bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını qurtardı. Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan "mehribançılığını" görürdü və hiss edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" daha da artmışdı. Molla Tutu Gülbadamın tərəfindən arxayın idi. ÇünkiGülbadamı ürəkdə təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi. Yenə necə olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cəfərqulunun tək bir oğlu vardı. Hətta qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də olmuşdu.... Molla Tutu isə bununla belə dərin məsələləri tez başa düşərdi. Yəni bir çətin də məsələ yox idi ki, başa düşməsin.... Molla Tutu kişilərin xasiyyətini bilirdi, bilirdi ki, ciblərində bir az artıq pul olanda arvad fikrinə düşərlər.... Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi.... O deyildi ki, qardaşının ölməyini istəyə idi.... Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu. Ona binaən hərdənbir fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun? Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti artsın....". Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb deyərdi: "Bilirsənmi, islamda bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir məsələdir.Heyfa ki, biz başa düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....". Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və onun cavabında həmişə deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman ki, quran oxumaq bilmədi, bütün müsəlman olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nə cavab verəcəksiniz?". Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını Molla Tutunun yanına göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da hamısı müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi.... Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə baxardı. Bir az əri Gülbadamın üzünə xoş baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da Gülbadamın əri öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir paltarlıq da alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir fikir edərdi: "Mənə quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm". Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək işlərdi. Fəqət əri öləndən sonra Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün gedirsən gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə". Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi.... O gecə də bir fürsət idi, Molla Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları bir yerdə buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ əmisigilə gedən baş istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş deyil.... Hətta fikrindən bu da keçdi: əmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan başqa əmisigildə heç kim yox idi.... Nə isə, Molla Cəfərqulu bir ayın, bəlkə daha çox vaxtın ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü.... Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların barəsində bədgüman olmaq yaxşı deyil, dul arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır.... Pozğun əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad ancaq məhəbbətinin qurbanı ola bilər.... Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda böyük fərq var. Qız, məhəbbətinin qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına təfavüt etməz.... Qızda olan bu hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında həqir bir nəzərdə olmaqlarına da səbəb olar.... Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu bir dəqiqədə Gülbadam üçün dəhşətli bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir yapmazdı. Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və bu məsələdə xalqın nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın.... VII Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına gəlib danışdırdı, yəni özü deyirdi,özü də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: "İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb söhbət edirlər. Bunu görüb çağırdılar və dedilər: "Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür." "A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə oldu ki?" "Deyirlər özü də vəbadan ölübdür." "İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...." Məşədi bir az fikrə gedib dedi: "Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə daha sözmü demək olar? Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi. Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır.... Nə bilim, daha nələr söyləyirdilər. Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam, əcəba, nə üçün bir gecənin ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu təmizlərdi.... İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz deyildi. Gündüz atası pirin kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar.... Bu da fikir etdi ki, bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç.... Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən.... Bu hində yarımcan Molla Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə: "Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi.... Ona binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi: "Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını tapşırdı...." Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı. Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar.... Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə təsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn adamlar, kəndçilər ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya tapşırdılar. VIII Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın gözünə bir nur da görünübmüş.... Məşədi Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza ilə dedi: "Hə, sən elə qaç həkimə...." "Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı. "Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, eşitdiyini Gülbadama nağıl etdi. Gülbadam ancaq bunu dedi: "Pirin pir yeri var, həkimin həkim yeri...." "Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm." "Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən pişik kimi tamam bədənini yığışdırdı. "Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir salam...." "Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm." "Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq yaramır...." "Hankı din, hankı məzhəb?" "Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir adam görünübdür.... "Sənin məkanın buradır...." deyib qeyb olubdur.... " Belə şeylərə inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi? "Bu möcüzü kim görübdür? Kim söyləyir?" "Xalq söyləyir." "Xalq kimin dilindən söyləyir?" "Mollanın." "Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?" "Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? Allah öz qüdrətini ancaq seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi çatlayıbdır. Hamı əhvalatı da arvadına söyləyibdir...." Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi: "Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər.... Yox! Tamamdır! Bu, arvad işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz.... Təvəqqe edirəm belə şeylərə şəkk gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb olar.... İnşaallah, bu cümə günü gedərik, bir gecəlik uşağı qoyarıq.... İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi evdən çıxdı. Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib yenə də ağladı.... Cəbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istəyirdi desin: "Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də, Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı.... Bəs bu pir məsələsi? Daha doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək istəməsi? Bu əhvalat Gülbadamı büsbütün dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb edirdi. Özünü aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi.... Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri ki, qurana and içmişdi.... Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi.... Namusunu, ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə özü də, əri də bədnam olalar.... Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə idi, bəlkə inana idilər.... Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas etmək. Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən allaha və qurana, bunlara and etdin əməl etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox adamlar qurana and içib sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan da, Gülbadam and içmək sevməzdi. Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın.... İlanın soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir.... Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi.... Fəqət bir söz də deyə bilmirdi. Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi: "Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!.... Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, mənim allahım! Mənə yol göstər!" Uca səslə yenə uşağın üstünə düşüb ağladı.... Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar.... Balaca Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı. Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ... nə ... nə.... Əlbəttə, Gülbadam da bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?" VIII "Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N... şəhəri müsəlman şəhəridir; yəni üçdən iki hissəsi müsəlmandırlar. Məscidləri var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir.... Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur. Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?.... Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə pirə getməklərini fikir edirdi. Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtəlif xəbərlərin hansı biri doğru olmağını bilsin.... Məşədi Allahverən üçün müxtəlif xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu gördüyüm gecəsinin səhəri uşağı apara idim". Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirləri başından keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu sözlərdən sonra həmişə qurana and içməyi də fikrinə gələrdi.... Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın.... O da öldü.... Ölməyi heç. Bunun ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim inanacaqdır? Bu fikirləri başından keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram.... Səni diri-diri qəbrə qoymaram!...." Yox! Bu sözləri deyirdi.... Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə insan əlacsız qalıb özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür.... Gülbadam da bu halətdə, bu fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi Allahverənin "allahu-əkbər!" səsi bunu oyatdı. Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan sonra bunun sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, "davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi Allahverən hətta dünənki hərəkətindən bir az da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz də söyləməyib lazım olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi.... Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər dəqiqənin, hər saatın uzanmasına şad ola idi, fəqət, biləks,bu tələsirdi.... Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını birdən-birə hərəkətə gətirsin.... Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini ağır bir daş basırdı. İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi.... Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: indi qucaqda gedirsən, sabah oynaya-oynaya gələcəksən.... Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün üzünü qara buludlar tutmuşdu.... Gəlib çatdılar.... Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-dürlü naxoşlar hələ dünəndən gəlib dəxil düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu məlum olurdu.... Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb qulaq asırdılar. Molla Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib xalq bir-birinə dəydi. Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına tərəf sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha kimi pirə dəxil salmağını da elan etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah sənə çox şükür!" sədası daha da ucaldı.... Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına baxdı.... Bu baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi həmişə anasına baxardı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss etdi ki, dilsiz Cəbi istəyir desin: "Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?" Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim".... Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər Gülbadam indi dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək uca səslə dedi: "Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!" Bu sözlərn dedikdə hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dəli olubdur! "Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam." "Yumsana bunun ağzını!"--deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi. Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi:--Gəlmə yavuq! Mən indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm. Haman allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim ağzımı yuman da haman allahın kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada qurana and içdim ki, o yatan bədbəxtin hiyləsini ölənədək söyləməyim--əlini mollanın qəbrinə uzadır--haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim. Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim ki, ölənədək bunun hiyləsini aşkar etməyim.... Fəqət çoban olmasaydı, bu pir də olmazdı. Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı və dedi: "Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam...." Bu vaxt Gülbadam uca səslə dedi:"Balamı mənə veriniz! Veriniz balamı!" Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi. Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.... Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı? * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.