Məktublar Nəriman Nərimanov (1870–1925) Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubu Moskva, 28 yanvar 1925-ci il. "1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm... Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən. Mənim həyatım daim qayğılarla dolu olmuşdur: mən iyirmi yaşından qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən. Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir. Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm. Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... bu ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi. İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun “qanuni varisləri” adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər. Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir. Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, bu işdən imtina et... əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm. Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? – sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiət fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi. Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım..." * * * Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyova məktubu Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları, Mənim sizə belə müraciət etməyimə səbəb odur ki, bizim siyasi nöqteyi-nəzərimiz bir-birindən kəskin sürətdə ayrıldığından sizə başqa cür müraciət edə bilmirəm. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyət verilməsi lazım gələn məsələ aşağıda yazdıqlarımdır. Qafqaz müsəlmanlarının Bakıda çağırılmış birinci qurultayı, əlbəttə, yadınızdadır. Mənim bu qurultayda çıxış etdiyim də həmçinin yadınızdadır. Qurultay məndən böyük bir nitq gözləyirdi. Lakin mən, təxminən aşağıdakıları dedim: “Zaqafqaziya müsəlmanları! Siz rus inqilabının mahiyyətini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imerialist müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün dünya inqilabının başlanğıcı oldu. Bu dünya inqilabının dalğaları içərisində boğulmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında sıx birləşin”. Mənim bütün nitqim, deyəsən, bundan ibarət idi. Siz mənim bu dediklərimə diqqət yetirərək onu öz bildiyiniz kimi şərh etməyə başladınız. O zamandan çox keçmişdir, çox hadisələr və əhvalatlar olmuşdur. Siz və həmfikirləriniz mənimlə siyasi düşmən olduğunuza baxmayaraq mən sizə qarşı nəzakətlə hərəkət edirdim. Nə qədər ki, siz “millət” və “din” sözlərini tez-tez təkrar etməklə məşğul idiniz, mən öz nöqteyi-nəzərimdən sizə geridə qalmış adamlara baxan kimi baxırdım. Mən bu fikirdə idim ki, doğrudan da hamını birdən-birə döndərib beynəlmiləlçi etmək olmaz. Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi sürətdə çıxış etmişəm. Hətta, mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın sürətdə göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kim, lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz? Təkrar edirəm: ingilislər sizə gələnə qədər, necə deyərlər, İngiltərə ilə durub oturmağa başladığınız vaxta qədər sizin dilinizdən eşidilən “pantürkizm”, “panislamizm” sözlərinin mənim üçün mənası var idi, lakin, bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) bir ovuc zavod sahibinin və mülkədarın mənafeyinin müdafiə edənlərsiniz. Məgər həqiqətdə belə deyilmi? Siz Azərbaycanı həqiqətən sevsəydiniz, həmişə dediyiniz kimi, ümumiyyətlə müsəlmanların əsil müdafiəçiləri olsaydınız, müsəlman kütlələrilə heç vaxt belə rəftar etməzdiniz… Lakin, mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş. İndi ingilislər gedirlər. Onlar ona görə getmirlər ki, siz onları məcbur edirsiniz; yox, buna səbəb odur ki, İngiltərədə iğtişaş vardır. Lakin onlar gedirkən sizi İtaliyanın əlinə ötürmək istərdilər (ah nə rəzalət!), lakin İtaliya özü də bu saat özünü o yan bu yana ata bilməz, çünki orada da çox qarışıqlıq vardır. İngiltərənin məqsədi sizi elə əllərə verməkdir ki, siz Sovet Rusiyası ilə əlaqədə ola bilməyəsiniz. Bunların hamısı sizə, əlbəttə, məlumdur. Nəhayət, İngiltərə möhkəm ümid edəcəyi bir adam tapmışdır ki, o da Denikindir. Sizin fikrinizi bilmirəm, lakin biz əminik ki, Denikin Bakıya İngiltərənin razılığı ilə hücum edir. Budur, siz burda bir cəsarət göstərirsiniz, Denikinə qarşı müharibə elan edirsiniz. Əcəba sizi belə hərəkət etməyə məcbur edən nədir? Mən burada fəhlələrin təzyiq göstərməsindən danışmaq fikrində deyiləm; yox, mənim məqsədim sizin ürəyinizin gizli sirlərini bilməkdir. Burjuaziya üçün bunun qətiyyən heç bir fərqi yoxdur; ona eyş-işrətli və arsız həyat lazımdır, bu isə Denikin vaxtında da olacaqdır. Lakin siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlar Denikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-müəssisanız cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır. Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. Mən inanıram ki, əgər ingilislər kimi Denikinin də Sovetlər Rusiyası ilə əlaqədə olmamaq şərtilə sizi rahat buraxacağından arxayın olsaydınız, o zaman o alçağı duz-çörəklə qarşılardınız. Sizin bütün siyasətinizi mən belə təsəvvür edirəm. Lakin əmin olun ki, Denikini, Gürcüstanla birlikdə siz yox, Sovetlər Rusiyası əzəcəkdir. Kolçak darmadağın edildi. Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir. Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır… Lakin siz özünüzə bununla haqq qazandıra biləcəksiniz ki, qonşularınız olan ermənilər və gürcülər belə etmişlər. Onda sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası barəsində xüsusi mövqe tuturdu? Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz, halbuki, sizin tərəfinizdən heç bir qurban verilmədən onlar sizə əsrlər boyu davam etmiş çar zülmündən azad olmaq imkanı yaratmışdılar. Bu sualı Ermənistana və Gürcüstana deyil, sizə verəcəklər. Siz isə heç bir cavab tapmayacaqsınız. Yalnız bunu deyə biləcəksizniz ki, siyasətdən xəbərsiz olduğunuz üçün bilmirdiniz ki, qüdrətli Vilhelm tac-təxtdən məhrum olacaq, Türkiyə öz istiqlaliyyətini itirəcək, siz öz müqəddəratınızı yenə Sovet Rusiyası ilə bağlamalı olacaqsınız. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız, qonşularınız isə sizi dar bir dalana soxaraq sizə gülürlər. Məsələn, Ermənistanı götürün. O, daim İngiltərə ilə, indi də Denikinlə əlaqə saxladığı halda öz agentlərini Moskvaya göndərir və artıq orada Sovetlərə tərəfdar olmaqdan danışılır. Əgər Denikin tezliklə darmadağın edilərsə və Ermənistan sovetlərə tərəfdar olduğunu bildirərsə (bu məhz belə də olacaqdır), onda sizin vəziyyətiniz necə olacaq? Qulaq asın, Nəsibbəy! Bilmirəm, bu məktub sizə çatacaqmı, amma bilirəm ki, bu sətirləri yazmağa məni vadar edən hislər mənə əzab verməyəcəkdir, ona görə ki, mən nə etməli idimsə, onu etmişəm. Siz və həmfikirləriniz mənim həyatıma bələdsiniz. Mən həyatımın ən yaxşı illərini Zaqafqaziyaya, xüsusilə də Bakıya vermişəm. 25 illik ictimai-ədəbi fəaliyyətimdən sonra lap əldən düşmüşəm və bir ayağım gordadır. Mən tam inamla deyirəm: bütün bəşəriyyətin nicatı kapitalın məhvində və əməyin təntənəsindədir. Zülm altında inləyən və təbiətlə mübarizədə geri qalmış müsəlmanların buna hamıdan çox ehtiyacı vardır… Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər. Belə bir prespektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi… Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun! Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız, bununla da müsəlman kütlələrini yaxın gələcəkdə gözlənilən yeni ağır sınaqlardan qurtarmış olarsınız. Qoy bu tarixi bir sənəd olsun. Siz öz həmfikirlərinizlə bu sənədə etina etməsəniz, əminəm, yaxın vaxtlarda həmin sənədi Azərbaycan respublikasının fəhlə və kəndliləri qarşısında oxumağa imkan olacaq və onlar görəcəklər ki, kimin ürəyi onların səadəti üçün belə səmimi və həyəcanla çırpınırdı. Nəriman Nərimanov 16 iyul 1919-cu il Həştərxan * * * Nəriman Nərimanovun Mart Qırğınlarından sonra Şaumyan və Caparidzeyə yazdığı məktub Yoldaş! Şəhərdə qalan müsəlmanlar öz səhvlərini düşündükdən sonra Şura hökumətini qəbul ediblər. Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yönü alıbdır. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir. Sizə məlumdur ki, top tüfəng qüvvəti ilə alınmış hökumətin camaat arasında nüfuzu olmazsa çox yaşaya bilməz. Buna binaən var qüvvətiniz ilə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss eləsin ki, bu müharibəyə milli rəng verən qara qüvvə ilə Şura yoldaş deyildir. Gərək nəinki söz ilə, fel (iş –Red.) ilə bildirmək və göstərmək ki, “qara qüvvə” ilə siz açıq-açığına müharibə edirsiniz. Mən sizə söz verirəm ki, şəhərdə müsəlman əhalisi tərəfindən Şura hökumətinə heç cəhətdən qorxu yoxdur. Müsəlmanlar təmiz (y)ürəklə hökuməti qəbul edib, sülh tərəfdarıdırlar. Hətta camaat özü kəndlərə adamlar göndərib, sülhə dəvət edir. Bununla belə “qara qüvvə” indiyənədək müsəlmanlara hücumdan çəkinməyir. Bir-iki gündə Şura hökuməti özünü bu qara vicdansız qüvvəyə göstərməsə, bən və yoldaşlarım sosialistlər iş başından çəkiləcəyik. Mən artıq dərəcədə təvəqqe edirəm burada yazdığım sözlərə fikir verib, tezlik ilə müsəlmanların yaralı (y)ürəklərinə dərman tapılsın. İkinci mühüm məsələ ərzaq məsələsidir. Müsəlman hissəsində müsəlmanların halı insanı çaşdırır. Aclarından fəqir-füqəra sinfi küçələrdə və talan olmuş evlərdə ölməkdədir. Şura hökumətinin nüfuzunu artırmaq üçün bu məsələyə artıq dərəcədə fikir verməlidir. Yoldaşımız doktor N. Nərimanovun bu kağızlarına cavab olaraq yoldaşlarımız Şaumyan və Caparidze xahiş edirlər ki, müsəlman sosialistləri ilə bir yerdə bu məsələlər müzakirə olunsun. İclas təyin olunur. “Hümmət” və müsəlman inqilabiyyun (eser – Red.) firqələrinin nümayəndələri Şaumyan və Caparidze ilə bu məsələlərə baxırlar. Təklif olunan suallara Şaumyan cavab verib deyir: “Qara qüvvəyə” müharibə elan olunubdur. Fəqət bizi hazır çaşdıran dağıstanlılar tərəfindən olunan hücumdur. Bununla belə biz var qüvvətimiz ilə çalışırıq ki, Şura hökuməti ədalətini göstərsin. Bu yavuq vaxtda müsəlmanlar bunu görüb hiss edərlər. Siz əmin olunuz, Şura hökumətini qəbul edən müsəlmanların hüququna heç bir yerdən təcavüz oluna bilməz. Bunları mühafizət etmək üçün Şura hökumətinin qüvvəsi vardır. Caparidze: Bən öz tərəfimdən Şaumyanın sözlərini təsdiq edib deyirəm: bilsəm ki, müsəlmanlar bana inanırlar, qeyr işlərimdən əl çəkib, müsəlman hissəsinin əmin-amanlığını öz əlimə alardım. Müsəlman sosialistləri: Biz yoldaşımız Caparidzedən təvəqqe edirik cürət ilə bu işə girişsin. Biz açıq-açığına deyirik, Şaumyan və Caparidzenin müsəlman arasında nüfuzu var. Bu iclasdan bir gün sonra müsəlman sosialistləri iclas çağırıb, qət edirlər ki, rəsmi surətdə inqilabiyyun komitəsinə bir neçə təkliflər etsinlər. Erməni milli komitəsi buraxılsın. Bu milli komitəyə tabe olan milli qoşun ya buradan çıxsın, yainki büsbütün Şura hökumətinə tabe olsun. Müsəlman hissəsinə qarovul müsəlman krasnı qvardiyalardan qoyulsun. Ərzaq məsələsində müsəlman hissəsinə artıq dərəcədə diqqət olunsun. Və bir neçə cüzi təkliflər olunur. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.