Nadanlıq Nəriman Nərimanov (1870–1925) Nadanlıq ƏFRADİ-ƏHLİ-MƏCLİS M ə h ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında. N a m a z--onun nökəri. Q u r b a n ə l i, N i y a z ə l i, A ğ a k i ş i, H a c ı A b d u l l a--kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında. K o x a--kəndin yüzbaşısı. Ö m ə r--Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda. V ə l i--Hacı Abdullanın kiçik oğlu. Ə H m ə d--Hacı Abdullanın nökəri. Bir neçə kənd adamları--Məhəmməd ağanin yanına ərizə yazdırmağa gələnlər. Y e t ə r--Hacı Abdullanın övrəti, 40 yaşında, çöl libasında. G ü l p ə r i--Qurbanəlinin övrəti, 40 yaşında, çöl libasında. M o l l a Q a s ı m--kənd mollası, İran libasında. M ə n s u r, Ş a m i l, P i r v e r d i, İ s m a y ı l-- Vəlinin qaçaq yoldaşları, hamısı yaraqlı. * * * Birinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Məhəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü. M ə h ə m m ə d a ğ a. Günlərim qəribə qəmgin keçir. İki aydır ki, gəlmişəm, bu vaxta qədər ancaq iki şagird gəlibdir. Bunlarla mən nə edəcəyəm? Güclə deyil ki, müəllimi bu ölkədə özlərinə düşmən hesab edirlər. Ah! Başım fikir etməkdən çatlayır! (Başını əli ilə tutur.) İKİNCİ GƏLİŞ Məhəmməd ağa və Qurbanəli . Q u r b a n ə l i. Salaməleyküm! M ə h ə m m ə d a ğ a. Əleyküməssalam! Xoş gəlibsiniz! (Ayağa durur.) Əyləşin. Q u r b a n ə l i. Kefin necədir? Salamatsanmı? M ə h ə m m ə d a ğ a. Allaha şükür! Ancaq uşaq az olmağa görə günlərim qəmgin keçir. Q u r b a n ə l i. İndi neçə şagird var? M ə h ə m m ə d a ğ a. Ancaq ikidir. Q u r b a n ə l i. Genə yaxşı ki, o da var. Əvvəlki mollanın (uçitelin) heç iki şagirdi də yox idi. İndi uşaqlar ataları ilə çöl işlərindədirlər. Yarım aydan sonra çöl işlərini qurtararlar və savuq düşər, onda şagirdlərin çoxlaşar. Sən qarı gözlə: elə ki, qar yağdı, gündən-günə şagirdlər çoxlaşacaq, çünki o vaxt işləri olmayıb və evdə qalıb şuluqluq eləməsinlər deyibən, sənin yanına göndərəcəklər. Elə ki genə yaz açıldı, hamısı genə işlərinə gedəcəklər. Xülasə, başını nə ağrıdım, bu şkolda ildə üç ay qışı oxuyurlar. M ə h ə m m ə d a ğ a. Ay kişi! Üç ayda nə oxumaq olacaq? Q u r b a n ə l i. Ay sağ olmuş! Kimdir elə şeyləri axtaran. M ə h ə m m ə d a ğ a. Bəs deyirdiniz "kiçik oğlumu qoyacağam oxusun", necə oldu? Q u r b a n ə l i. Doğrudur, söz verdim, amma.... M ə h ə m m ə d a ğ a. Nə var? Xeyir ola!Q u r b a n ə l i. Nə eyləyim, deyirlər oxumaqdan bir fayda yoxdur. Oxuyan sarsaq olar, ağlını qara aparar deyirlər. M ə h ə m m ə d a ğ a. Hə ... һә ... һә.... (Başını bulayır.) Təəccüb işdir. (Tərəfə.) Doğrudur ki, avam! Q u r b a n ə l i. Yaxşı, mən razı oldum, görək özgələr də razıdırlarmı? M ə h ə m m ə d a ğ a. Ay kişi, özgənin sözünə nə üçün baxırsınız? Uşaq sizindir, onun xeyrini siz görəcəksiniz, əbəs yerə heyvan uşağı bədbəxt eləməyiniz, qoyunuz gəlib oxusun. Q u r b a n ə l i. Çox yaxşi, göndərərəm gələr. Ancaq iş buradadır ki, deyirlər, burada oxuyan ancaq sağ və solu tanımaqdan ötrüoxuyur, hərgah belə olsa, onu mən də öyrədərəm. M ə h ə m m ə d a ğ a. Sizə mən dedimmi hər adamın sözünə qulaq verməyiniz?! Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun sizə çox köməyi dəyər. Q u r b a n ə l i. Çox yaxşı, gedib arvadıma da deyim görüm, o nə məslahat görür. M ə h ə m m ə d a ğ a. Özünüz biliniz, amma mən sizin yaxşılığınızı istəyib deyirəm. İndi Koxaya dəxi adam göndərmişəm. Gəlsin, bəlkə xalqa nəsihət edə ki, uşaqları versinlər. (Səs gəlir.) Gərək ki, gələn odur. ÜÇÜNCÜ GƏLİŞ Koxa öz yasavulu ilə içəri daxil olur. K o x a. Məni sənmi çağırıbsan? M ə h ə m m ə d a ğ a. Bəli, mən. Xalq görürəm, uşaqlarını oxutmaq istəmir. Ona görə lazım gəlir ki, camaata nəsihət edəsiniz, bəlkə uşaqlarını oxudalar. K o x a. Doğru buyurursan, amma çox çətindir ki, mənim nəsihətimə qulaq asalar. M ə h ə m m ə d a ğ a. Hər halda siz genə deyiniz, qulaqları dolsun. K o x a. Məhəmməd ağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. Amma nə eyləyim ki, sözümə qulaq asmırlar. Hərgah istəyirsən bu saat ağsaqqalları çağırtdırım sənin yanına, gör nə cavab verirlər? M ə h ə m m ə d a ğ a. Əcəb olar, çağırdınız, görək nə deyirlər. K o x a (yasavula). Get bu saat Hacı Abdullanı, Ağakişini, Niyazəlini buraya çağır. (yasavul çıxır. Onun dalınca Koxa özü də dişqarı çıxıb deyir.) Deginən tez gəlsinlər. Y a s a v u l. Yaxşı, baş üstə. M ə h ə m m ə d a ğ a (tərəfə). Qəribə xalqdır. (Sonra Qurbanəliyə tərəf.) Mənim çalışdığım sizdən ötrüdür. Amma siz öz xeyrinizi əsla bilmirsiniz və ayağınıza gələn baxta daş atırsınız. Q u r b a n ə l i. Ay sağ olmuş! Bizim adam öz xeyrini bilməz. Onunki odur ki, yazda taxıl əksin, yayda biçsin, qışda da yerini isti eləyib yatsın. Ondan masəva, doğrusunu demək, dörd-beş il bundan qabaq bizim bir neçə ağaların uşaqları oxuyub, amma axırları bir şey olmadı. İndi də dolanacaqları əkin və qoyun ilədir. M ə h ə m m ə d a ğ a. Eybi nədir? Qoy oxusun, ondan sonra genə əksin, biçsin. Q u r b a n ə l i. İş elə oradadır. Biz istəmirik ki, oxuyandan sonra əksin, biçsin. Biz istəyirik ki, qulluq adamı olsun,çinovnik olsun. M ə h ə m m ə d a ğ a. Ay kişi! Hər oxuyan molla olmaz. Biri çinovnik olar, biri alış-veriş elər, o biri molla olar. İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşahlığında kənd adamları əllərində qəzetə cüt sürürlər. Q u r b a n ə l i. Hərgah Hacının oğlu kimi olacaqsa, heç olmasın. M ə h ə m m ə d a ğ a. Necə, Hacının oğlu Ömərimi deyirsiniz? Q u r b a n ə l i. Bəli, bəli, Öməri deyirəm. M ə h ə m m ə d a ğ a. Məgər pis oğlandırmı? Q u r b a n ə l i. Elə oğlum olsa, bir saatda başını kəsərəm. M ə h ə m m ə d a ğ a. Səbəb? Q u r b a n ə l i. Ah! Nə deyim ... m ... m.... DÖRDÜNCÜ GƏLİŞ Koxa, Ağakişi, Niyazəli , Hacı Abdulla içəri daxil olurlar. H a m ı s ı. Salaməleyküm! M ə h ə m m əd a ğ a (ayağa durur). Xoş gəlibsiniz. (yer göstərir.) Buyurun, əyləşin! (Hər kəs özü üçün kürsü götürüb əyləşir. Ağakişi çubuq çəkir.) K o x a. Camaat! Sizi buraya çağırmağımızın səbəbi budur ki, uşaqlarınızı qoyasınız oxusunlar, siz kəndimizin ağsaqqalısınız. Siz uşaqlarınızı oxutsanız, özgələr də baxıb oxudarlar. (Məhəmməd ağaya tərəf.) Bu kişini də bizə padşah tərəfindən göndəriblər. Yaxşı-yaman, qoyun uşaqlarınız gəlsinlər şkola, bunun da çörəyi kəsilməsin. M ə h ə m m ə d a ğ a (tərəfə). Yaxşı nəsihət verdi! Dilin qurusun. A ğ a k i ş i. Mənim bir oğlum var, o da kotana gedir. Bir də onun vaxtı keçibdir, on iki yaşındadır. M ə h ə m m ə d a ğ a. On iki yaş çox deyil, elə oxumalı vaxtıdır. N i y a z ə l i. Mənim uşaqlarım da boş deyil: kiçik oğlum buzov otarır, böyük oğlum qoyuna gedir. M ə h ə m m ə d a ğ a. Olmazmı kiçik oğlunuzun əvəzinə ayrı adam tutasınız? N i y a z ə l i. Ay sağ olmuş, heç insafmıdır ki, öz oğlun ola-ola, özgəyə pul verəsən? Pul məgər göydənmi tökülür? H a c ı A b d u l l a. Ay Məhəmməd ağa! Boş yerə başını niyə ağrıdırsan! Bizim adam oxumağa uşaq verməz. Hər kəsin özünəgörə bir dərdi var: birinin uşağı qaramal otarır, o birininki qoyuna gedir, biri, yer əkir. Uşaqlarını da sənə versinlər, bəs işləri necə olsun? Ondan masəva, doğrusunu demək: "Rusca oxuyan düz yoldan çıxır". M ə h ə m m ə d a ğ a. Ay Hacı! Görünür, siz oğlunuz Ömərdən narazısınız? Amma mən fikir eləyirdim ki, bu kənddə ancaq siz xoşbəxtsiniz. Zira ki, Ömər oxuyub elm sahibi olubdur və onun köməkliyi sizə azmı olur? H a c ı A b d u l l a. Mənə onun nə köməkliyi olacaq? Bircə odur ki, naçalnik, pristav gələndə bizim evə düşürlər və Öməri rusca bilməyinə görə çox istəyirlər. M ə h ə m m ə d a ğ a. Bəs belə şəxslərin sizə düşməyini azmı bilirsiniz? Ondan masəva, ərizənizimi yazmır? Divan işlərinizimi görmür? Bundan əlavə, əkində də sizə kömək edir. Kimin hünəri ilə bu il taxılınız çox oldu? ömrünüzdə bu qədər yer əkibsiniz, heç bu ilki kimi taxıl götürdüyünüz varmı? H a c ı A b d u l l a. Ömərin əli əsla kotana da dəyməyibdir. Ancaq nökərlərin üstə durub buyruq veribdir: "Ay gədə, bunu belə elə, onu elə elə". N i y a z ə l i. Bu da yəni bir işdirmi? (Gələ-gələ çubuğunu doldurub çəkir.) M ə h ə m m ə d a ğ a. İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki lazımdır şumluyub, təzə çıxan kotan alıbdır. Əsil iş budur və bunların hamısını oxumaq ilə tapıbdır. Yeri elmə müvafiq şumlamaq və nə tövr kotan ilə əksən, taxıl yaxşı çıxar--bunların hamısı kitablarda yazılıbdır. Hərgah Ömər oxumasaydı, belə şeyləri bilərdimi? K o x a. Kişi bunları doğru deyir. (Qurbanəli kürsüdən yerə düşüb yanı üstə uzanır və bir az vaxtdan sonra yuxuya gedir, xoruldayır.) H a c ı A b d u l l a. Ay kişi, bunlar hamısı sözdür. Adam gərək adam ola. Oğul deyəndə kiçik oğlumdur, onun başına dönüm: desəm öl, öləcək. Amma bu evi yıxılmışa iki ildir deyirəm Hacı oğlu Vəlinin qızını alsın, almır. Qızın yaxşı cehizi, mülkü və maşı var. Bilmirəm ki, dərdi nədir? Ancaq ağzını açanda kiçik qardaşını bəyənməz, onu dəli hesab edir, ondan ötəri ki, deyir: "O, vaxtsız arvad alıbdır". N i y a z ə l i. Necə yəni vaxtsız arvad alıbdır? H a c ı A b d u l l a. Nə bilim, ay kişi. Elə sözlər danışır ki, heç tatın kitabında yazılmayıbdır. Deyir: "Arvadın ölməyinə və şil uşaq olmağına səbəb tez evlənmək olubdur". K o x a. Neçə yaşında arvad almışdı?H a c ı A b d u l l a. Qız on iki yaşında idi. Ondan savayı gərək ki, qızın əvvəldən azarı varmış. Ərə gedəndən sonra azarı günbəgün artır. Xülasə, nə deyim, allah nə istəsə o olacaqdır. M ə h ə m m ə d a ğ a. Bəs görünür, onun sözünə inanmırsınız. H a c ı A b d u l l a. Doğru deyirlər ki, rusca oxuyan özünü itirər. (Gülür.) N i y a z ə l i (başını bulayır, tərəfə). Doğrusunu Hacı deyir. K o x a. Ay Məhəmməd ağa! Əyri oturaq düz danışaq. Ağlasığası iş deyil ki, sən deyirsən. Heç inanmaq olmaz ki, tez arvad almaqdan həm arvad ölə və həm uşaq ölə. A ğ a k i ş i. Ah! Allahı sevərsiniz, belə şeylər danışmayın, kafir olarsınız. M ə h ə m m ə d a ğ a. Heyfa ki, siz oxumaq bilmirsiniz. Hərgah oxumaq bilsəydiniz, tibb kitablarını sizə göstərərdim və təəccüb edib yəqin edərdiniz ki, Ömər sizə deyən sözlər doğrudur. H a c ı A b d u l l a. Ah! Oxumaq nəyimə lazım? Mən belə şeyləri oxumamış da bilirəm. A ğ a k i ş i. Hərgah oxumaq bundan ötəridir, heç oxumasan yaxşıdır. Q u r b a n ə l i (birdən asqırır və yuxudan ayılır). Söhbətiniz nə uzun çəkdi? (Gözlərini ovur.) İşi nə yerə qoydunuz? Uşaqları oxumağa qoyaq, ya yox? N i y a z ə l i. Görmürsəimi, Hacı nələr söyləyir! Səkkiz-doqquz il zəhmət çəkib Öməri oxudubdur, amma indi deyir:"Peşiman olmuşam". Q u r b a n ə l i. Bax a!... Gərək ki, ay Hacı, onun oxumağına xərc etdiyin pulu qoyuna versəydin, indi beş-altı sürü artıqqoyunun olardı. H a c ı A b d u l l a. Bəs nədir! Əslinə baxsan, Ömər öz gücünə oxuyubdur. Xülasə, nə deyim, heç görmədim ki, oxuyandan biri ağıllı çıxsın. Sizi inandırıram ki, oxumaq adamı "saf dəli eyləyir". (Çubuq çəkir.) A ğ a k i ş i (tərəfə). Yazıq Hacı bunların. Hamısını görübdür, hər nə desə doğrudur. H a c ı A b d u l l a. A kişi, dünən deyirlər bir erməni dığası Ömərin üzünə qarşı olmayan sözləri deyibdir, hərgah o sözləri Vəlinin üzünə desəydi, Vəli onu sağmı qoyardı? İndi görəsən neçə yerdən parçalamışdı; amma Ömərinki budur ki, bir adam ilə dalaşanda ərizə yazsın, şikayət eləsin. M ə h ə m m ə d a ğ a. Ay Hacı! Biz heyvan deyilik ki, bir-birimizi öldürək, biz insanıq. Bizdən ötəri zakon yazılıbdır, şəriətimiz vardır; biz gərək həməvaxt zakonla və şəriətlə iş görək. H a c ı A b d u l l a. Heç elə şey olarmı ki, üzünə söyələr, sən baxasan? Q u r b a n ə l i. Sizin söhbətiniz, görünür, çox çəkəcək. (Ayağa durub gedir.) Acımdan öldüm, salamat qalın. A ğ a k i ş i. Yavaş, mən də gedirəm. (Durub gedir.) H a c ı A b d u l l a (Niyazəliyə). Dur, biz də gedək, salamat qa l! N i y a z ə l i və K o x a. Salamat qal! (Hacı Abdulla, Niyazəli və Koxa gedirlər.) M ə h ə m m ə d a ğ a. Xoş gəldiniz! (Fikrə gedir.) Bunların işlərini əsla başa düşmək olmur. Avam da var, avam da. (Ayağa durub gəzinir.) Amma bunlar kimi avam mən görməmişəm. Nadanlıq gözlərini bir mərtəbədə kor edibdir ki, namümkündür söz, nəsihət ilə bunlara bir şey qandırasan. (Fikrə gedir.) Pərvərdigara, insan özü öz evini belə yıxarmış! Heyif, çox heyif ki, bizim millət peygəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?İnsan ki,oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalıdır? (Fikrə gedir.) Ömər nəhayətdə ağıllı və kamallı oğlandır, amma bununla belə atasının xoşuna gəlmir. Zira ki, adam öldürmür, quldurluq etmir, karvan kəsmir, hərgah belə bəlalara giriftar olsaydı, yəqin ki, atası onu da kiçik oğlu kimi sevərdi. Bu qanacaqda adama söz qandırmaqmı olar? Ah! canları çıxsın. Bir adam ki, öz xeyrini bilməyə, mənə nə düşübdür özümə bu qədər zəhmət verib qanımı xarab edəm. (Fikrə gedir və sonra əli ilə başını tutur.) Xeyr.... Mən.... Səhv etdim. (Bərkdən.) Mənə vicdanım buyurur gərək düz yoldan azmış adamı düz yola gətirim.... Lazımdır ki, bir az səbr edəm, Ömər də bu gün mənim yanıma gələcək, onunla da məsləhət edərəm. (Səs gəlir.) Gərək ki, gələn odur. (Qapıya baxır, Ömər içəri daxil olur.) BEŞİNCİ GƏLİŞ Ömər və Məhəmməd ağa. Ö m ə r. Salaməleyküm! M ə hə m m ə d a ğ a. Xoş gəlibsiniz. Mən sizi gözləyirdim. Ö m ə r. Xeyir ola, nə var? M ə h ə m m ə d a ğ a. Bir şey yoxdur, ancaq bir az fikir-xəyal məni götürmüşdü. Ona görə istəyirdim sizinlə söhbət edəm. Ö m ə r. Bağışlayınız, işim çox olmağa görə sizin yanınıza tez-tez gələ bilməyirdim. Bir aydır naçalnikin yanına getməkdən bezar olmuşam. M ə h ə m m ə d a ğ a. Allaha şükür, nə olubdur ki, naçalnikin yanına gedirsiniz? Ö m ə r. Bir ay bundan müqəddəm mənim balaca qardaşım Vəli guya bir neçə adam ilə poçt yolunda karvan soyublar. Bunun üstündə Vəlini naçalnik həbsə salmışdı. Mən möhlət alıb bir az zamana qədər həbsdən qurtarmışam. İndi dəxi çalışıram ki, təmiz qurtarsın və naçalnik mənə söz veribdir. M ə h ə m m ə d a ğ a. Karvan soyubdur? M ... m ... (Fikrə gedir.) Ö m ə r. Nə üçün təəccüb edib fikrə getdiniz? (Məhəmməd ağaya yavuqlaşır.) M ə h ə m m ə d a ğ a. Heç. (yerə baxır) Ö m ə r. Nə üçün təəccüb etdiniz, deyiniz. M ə h ə m m ə d a ğ a. Bir neçə dəqiqə bundan müqəddəm atanız və qeyriləri burada idilər; oxumaqdan söz düşmüşdü və Hacının sözündən görünür ki, sizdən nəhayətdə narazıdır, amma Vəlini çox istəyir. Sözlərindən belə görünür, guya sizi oxutmaqdan çox peşimançılıq çəkir. Ö m ə r (əlini əlinə vurur). Ah! Ah! Görürsən? Allahu-əkbər, avamlığa bax! Siz özünüz yaxşı bilirsiniz ki, mənim ona nə qədər xeyrim dəyir, bununla belə məndən narazıdır. (Fikrə gedir.) Nə edim, nə çarə qılım? Hərgah üzünə ağ olarsan, deyərlər ki, Ömər dəli olubdur. Olmazsan, qalarsan yana-yana. Doğrusu ki, Məhəmməd ağa, mənimki bunlar ilə düz gəlməyir, mənim nəzərim məişətə ayrı, onlarınkı ayrı. M ə h ə m m ə d a ğ a. Atanızın deməyinə görə, görünür siz onun sözünə baxmırsınız və fikir edir ki, guya bu tövr hərəkət oxumağın əsəridir. Ö m ə p. Harr deyir. Bir neçə işdə onun sözünə baxmıram. Ondan ötəri ki, mənim də qanacağım var, özümü bilə-bilə oda salmaram. Məsəla, yarım ay bundan müqəddəm mənim yanıma adam göndəribdir ki, gərək mən bir dövlətli var, onun qızını alam. Əvvəla, qızı görməmişəm və ondan savayı qız on və ya on bir yaşında! Məgər bu sinnində qızı almaqmı olar? Məgər mən insan deyiləm? Xülasə, buna razı olmamışam. Bundan əlavə, mənə buyruq verir ki, hər kəs ki məni, ya bizdən birimizi incitdi, o saat onu öldürmək! Görürsüz, nə tövr təkliflər edir! M ə h ə m m ə d a ğ a (əyləşir). Bəli, çox çətindir, gərəkdir ki, səbir edəsiniz. Ö m ə r. Snzin canınız üçün, hərgah mənim yerimə özgə oğul olsaydı, indi çoxdan qaçıb getmişdi. Ancaq mənim istədiyim bunları nadanlıqdan qurtarmaqdır. Bu da görürəm, nəhayətdə çətin işdir. M ə h ə m m ə d a ğ a. Bəli, çox çətindir. Amma genə səbir etməli, çünki səbirlə hər şeyi görmək olar. ALTINCI GƏLİŞ Namaz, Məhəmməd ağa və Ömər. N a m a z. Ağa! Bir iki adam gəlib, istəyirlər sizi görələr. Ö m ə r. Genə ola ki, ərizə yazdırmaga gəlirlər. M ə h ə m m ə d a ğ a. Elə olacaqdır. (Namaza.) De, gəlsinlər. YEDDİNCİ GƏLİŞ İki tərəkəmə kürkdə, əllərində ağac içəri daxil olurlar. Ə v v ə l i n c i. Başına dönüm, ay Məhəmməd ağa! Mənə bircə ərizə yaz. İ k i n c i. Mənə də birini yazacaqsan. M ə h ə m m ə d a ğ a (başını bulayır və əlinə kağız alır. Əvvəlinciyə). Sən nə barədə yazdırırsan? (Ömər papiros yandırıb, tərəkəmələrə diqqət ilə baxır.) Ə v v ə l i n c i (əvvəl yoldaşına baxır və sonra Məhəmməd ağaya). Bu nə deyir? Barə nədir? Ərizə yazacaqsan, dana! M ə h ə m m ə d a ğ a. Bilirəm, amma gərəkdir biləm nədən ötrü yazdırırsan? Ə v v ə l i n c i. Hə ... һә! İndi başa düşdüm. yazarsan Tarıverdi Pirverdi oğlunun tərəfindən nəçəlniyə ərizədi. M ə h ə m m ə d a ğ a. Ay kişi, onu mən özüm bilirəm. De görüm, axı nə olubdur ki, ərizə yazdırırsan? (Kəndçi qanmayır, yoldaşına baxır.) İ k i n c i. Ay evin yıxılsın, desən! Nə oldu, kim kimi öldürübdür? Ə v v ə l i n c i. Adam-zad öldürməmişəm! Ö m ə r. Bəs nə olubdur? Ə v v ə l i n c i. Heç bir şey olmuyubdur, boş işdir. Dünən mən şəhərdən gəlirdim, yolda iki mal rastıma düşüb gətirmişəm. İndi mal yiyəsi şikayət eləyibdi ki, guya mən onun mallarını oğurlamışam. Malların əgər nişanları lazımdısa deyim: birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir, o biri.... (Fikrə gedir.) M ə h ə m m ə d a ğ a. Nişanları mənim nəyimə lazımdır, deyirsən? Ə v v ə l i n c i. Hə.... Birinin qulaqları kəsikdir, özü də qoca, arıq şeyin biridir. M ə h ə m m ə d a ğ a. Allahı sevirsən, dayan. Sən görürəm axşamadək qurtarmayacaqsan, qoy görək bu nə deyir. (İkinciyə baxır.) İ k i n c i. Mənim işim lap nahaq yerədir! Mənim oğlum özgənin nişanlısını götürüb qaçıbdır, indi atası şikayət başlayıb. Ö m ə r. Qız razıdırmı? İ k i n c i (fikrə gedir). Nə deyim ... m ... m .... (Bərkdən.) Əlbəttə, razı olacaq. Allaha şükür, malımız var, yerimiz var. Mənim oğlumdan yaxşısınamı gedəcəkdir? M ə h ə m m ə d a ğ a. Qızın atası da razıdırmı? İ k i n c i s i. Atası boynu qırılmış razı deyil. Ondan ötəri ki, qız beş aydı özgəyə nişanlıdı. Kəbini də kəsilibdir. Amma nişanlısının pulu olmadığına görə bu vaxtadək toy eləyə bilmir. M ə h ə m m ə d a ğ a. Ay kişi! Kəbini kəsilmiş olsa, sənin cürətin nədir ki, özgənin arvadını aparasan? Elə də şəriətcə düz olmaz. İ k i n c i. Bu iş mollanın əlində deyilmi? Bir az pul basaram, iş düzələr. Ö m ə p. Ay kişi! Nə üçün başa düşmürsən? Hərgah kəbini kəsilmiş olsa, molla heç şey eyləyə bilməz. İ k i n c i. Qanıram, ancaq bircə sən nəçəlniyə yaz görək.... (Bu vaxt üç, ya dörd adam genə içəri daxil olurlar ki, ərizə yazdırsınlar.) SƏKKİZİNCİ GƏLİŞ H a m ı s ı. Məhəmməd ağa! Bircə bizə ərizə yaz! B i r i s i. Dünən mənim oğlum bir erməni dığası öldürübdür, indi onu nahaq yerdən tutublar. İ k i n c i. Mənim qardaşım özgənin tayasına od vurubdur, ondan ötəri ki, dörd gün bundan qabaq bizim tayaya da od vurmuşdular. Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək. (Bu vaxt beş-altı nəfər genə daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez gəlmişəm, mənə yaz".) M ə h ə m m ə d a ğ a. Allahı sevərsiniz, açılın başımdan, mən ərizə yazan deyiləm! (Kağızı və qələmi əlindən atıb hirslənir və ayağa durur.) PƏRDƏ * * * İkinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Qurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir. Q u r b a n ə l i. Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur gurulduyur. Doğrusu ki, heç özümün də ürəyim yoxdur. Ondan ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir Ömərin zəhmətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrə gedir.) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək axırı nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, ərizəmi yazardı. (Asqırır.) İnşaallah ki, xeyirdir. (Ayağa durub arvadını çağırır.) Ay Gülpəri! Ay Gülpəri! İKİNCİ GƏLİŞ G ü l p ə r i (içəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan? Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan hardaydın? G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım. Q u r b a n ə l i. Ata da arpa verdinmi? G ü l p ə r i. Vermişəm. Q u r b a n ə l i. Di allahını sevərsən, bir şey ver mən də yeyim. Tez ol! G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir işə vurmuyasan. Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm? G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm? Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı işmi görürsən? G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir.) Sən məndən çoxmu işləyirsən? Q u r b a n ə l i. Mən işləməsəm, sən hardan yeyərsən? G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər. Q u r b a n ə l i. Allahı sevərsən, çox söylənmə, gəti görüm nəyin var. G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür.) Q u r b a n ə l i. Allah evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı bitdi. G ü l p ə r i (bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin qabağına qoyur). Ala, zoqqumlan! Q u r b a n ə l i (hirsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm zoqqumlanasan! (yeyir.) Əli qurumuş deyəsən heç duz tökməyibdir. G ü l p ə r i (duz ətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz. Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... ha! (Gülür.) A Gülpəri! Səməd evdədirmi? G ü l p ə r i. Yoxdur. Q u r b a n ə l i. Bəs hara gedibdir? G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı? Q u r b a n ə l i. Heç.... (Asqırır.) Tək səbir gəldi. Allah, özün rəhm elə! (Fikir edir.) Səməd evə gələndə onun üstünü-başınıdüzəlt! G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola! Q u r b a n ə l i. Heç!... (yeyir.) Göndərəcəyəm şkola getsin. (Asqırır.) G ü l p ə r i. Şkol nədir, ay kişi? Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır.) Allahu-əkbər! G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən? Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana! G ü l p ə r i. Abrizinni nədir? Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər. G ü l p ə r i. Allahını sevərsən, yerində ağır otur batman gələsən. Aparıb oğlumu əbəs yerə dəli eləmə! Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (yeyir.) ÜÇÜNCÜ GƏLİŞ Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır. A ğ a k i ş i. Salaməleyküm. Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək. A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli? Q u r b a n ə l i. Ayrandı, heç zad. Hərgah istiyirsən, deyim sənə də gətirsinlər. A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm. Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu? A ğ a k i ş i. Nə işdən ötəri? Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri. A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki? Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı? A ğ a k i ş i. Ah, rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük şeydirmi? Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir. A ğ a k i ş i. Öldürməyinimi deyirsən? Q u r b a n ə l i. Bəli. A ğ a k i ş i. Niyə? Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi göstərmədilər və evə də qoymadılar. A ğ a k i ş i. Yəni eləmi olubdur? Q u r b a n ə l i. Elə belə olubdur. A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çətin olacaqdır. Q u r b a n ə l i. Nə çətinliyi var? Ancaq Sibirə göndərəcəklər. Bundan artıq bir şey olmaz. Özü də qaçıb gedibdir, allah bilir tutalar, ya yox. A ğ a k i ş i. O heç, Sibirə getməyinə gedəcək. Amma vay qalanların gününə. Qızın adamları Pirverdinin nəslini qətən kəsəcəklər. (yanı üstə yıxılır.) Xülasə, bu işin xətası var. Q u r b a n ə l i. Canları çıxsın, qoy biri-birinin ətini yesinlər. A ğ a k i ş i. Elə, demə, bir vaxt olar, bizim də başımıza gələr. Q u r b a n ə l i. Heç şey olmaz. İki oğlum var, ikisindən də arxayınam. Böyügünə demişəm, hansı qızı kefi istəsə, toysuz-zadsız götürüb qaçsın. Elə ki, qız evə gəldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "ənkəhtü-vəzənnuşdu"nu oxusun, ondan sonra qızın ata və anasının da sözü olmaz. Niyazəli üç oğlunu da belə evləndirdi. A ğ a k i ş i. Doğrudan, üçüdəmi qaçırdıbdır? Q u r b a n ə l i. Üçü də! A ğ a k i ş i. Yaxşı işdir, vallah! (Gülür.) Q u r b a n ə l i. Bəs nədi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır. A ğ a k i ş i. Necə çinovnik?! Q u r b a n ə l i. Qoyacağam.... (Asqırır.) Oxusun abrizinni olsun. A ğ a k i ş i. A Qurbanəli, əyri oturaq, düz danışaq. Sənin atan-baban oxumuşdumu? Q u r b a n ə l i. Yox. A ğ a k i ş i. İndi bəs bu nə dəstgahdır sən eyləyirsən. Yanı atan-baban gedən yolnan getsən. Q u r b a n ə l i. Ay cağ olmuş, qoy getsin adam olsun, ərizə-zad yazmaq öyrənsin, sənə də lazım olar. A ğ a k i ş i. Deyirəm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların əli balamı batıbdır ki, səninki də yağa bata! Görmədinmi, dünən Hacı öz oğlu Ömərdən nə danışırdı? Görükür, Məhəmməd ağanın sözlərinə sən də inanırsan. Q u r b a n ə l i. Bəs inanmayım, neyləyim? Kişi deyir "oxuyan adam olar". A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sən allah, nələr söyləyir! Q u r b a n ə l i. Yox, yox! (Uça səslə.) Deyir belə "oxuyan ağıllı, kamallı olub dünyadan xəbərdar olar, mərifətli olar, naçalnik kimi adamlarla danışıb söhbət edər". Deyir belə "bu dəmir yol (əli ilə göstərir), teleqraf, cürbəcürə maşınlar hamısı oxumaqla tapılıbdır". Dünən sizdən sonra mən genə yanına getmişdim. Belə şeylər nağıl eləyibdir ki, doğrusu, adam istəyir inansın. A ğ a k i ş i. Ə, ağlın olsun! Hər şeyə inanma. Dəmir yol, teleqraf Adəm peyğəmbərin vaxtından qalan şeylərdir, allah-taalanın qüdrətidir, bunlara ağılmı çatar? Q u r b a n ə l i. Nə bilim, vallah elə şeylər danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçə padşahlıqlar var, orda cütçü əlində qəzetə oxuya-oxuya cüt sürür. A ğ a k i ş i. Bəs belə şeylər danışmasın, nə eləsin? Görür ki, xalx uşaqlarını vermir, ona görə bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çətindir? Q u rb a n ə l i. Deyir, Hacının oğlu Öməri görürsünüzmü nələr eyləyir? Bunlar hamısı oxumağın gücünədir. A ğ a k i ş i. Dəli dəlini tapar, doğru deyiblər. O da öz yoldaşını tapıbdır. Ah! Hərgah Ömər yaxşı oğul olsa atası onu çox istərdi. (Çubuğunu çəkir.) DÖRDÜNCÜ GƏLİŞ Niyazəli, Qurbanəli və Ağakişi. N i y a z ə l i. Salaməleyküm! Genə nə şirin söhbət eləyirsiniz? Q u r b a n ə l i. A! Xoş gəlibsən! A ğ a k i ş i. Yaxşı vaxt gəlibsən, a qonşu! Bura gəl, yanıma. (Əli ilə göstərir, Niyazəli Ağakişinin yanına gedib əyləşir.) N i y a z ə l i. Nədi genə? Nə xəbər ola? A ğ a k i ş i. A kişi, bizim Qurbanəli elə şeylər danışır ki, pişmiş toyuğun güləsi gəlir! N i y a z ə l i. Nə var? Xeyir ola, a Qurbanəli! Genə mollalığmı eləyirsən? Q u r b a n ə l i. A kişi, bir şey yoxdur. Ağakişidi çənəsini boş qoyub danışır. N i y a z ə l i. Sən de görüm, nə var? A ğ a k i ş i. Məhəmməd ağanın sözünə baxıb istəyir kiçik oğlunu şkola qoysun. N i y a z ə l i (Qurbanəli asqırır, Niyazəli başını bulayır). Mən də əvvəl bu fikirdə idim.... Q u r b a n ə l i. Sonra nə oldu ki? N i y a z ə l i. Beş il bundan əvvəl Mursaqulu ağanın uşaqları oxumurdumu? Q u r b a n ə l i, A ğ a k i ş i . Hə ... һә ... һә.... N i y a z ə l i. Bax, o vaxt mən də istəyirdim uşaqlardan qoyam oxusunlar. Bir gün Mursaqulu ağanın böyük oğluna rast gəlib dedim: a bala, sizə şkolda nə oxudurlar? Cavab verdi ki, "nə bilim, yerin günün başına dolanmağından, yer havada durmağından".... Xülasə, çox şeylər dedi, hayıf ki, yadımda qalmayıbdır! A ğ a k i ş i. Ha, ha!... (Gülür.) A, gör nələr söyləyirlər, ya rəbb! N i y a z ə l i. Doğru deyirəm, üç oğlumun canı üçün, elə belə deyirdilər. Doğrusu, belə şeyləri eşidəndən sonra hansı axmaqdı gözü baxa-baxa uşağını dəli eləsin. Q u r b a n ə l i (təccüb edir). A Niyazəli, nə deyirsən? Yer də günün başına dolanarmı? A ğ a k i ş i. Di bundan sonra gör ki, oxumaq adamı necə eyləyir. Q u r b a n ə l i (asqırır). Olmuya bu tək səbir elə ondan ötəri gəlir. A ğ a k i ş i. Görükür, bu işin xətası var. N i y a z ə l i. Tək səbir mənə düşmür. A ğ a k i ş i. Görükür, bir şey var. Yaxşısı budur ki, bu fikirdən daşınasan. Yaxşı demirəmmi, a Niyazəli? N i y a z ə l i. Doğru deyirsən. Bir şeyi ki, başlayırsan, tək səbir gəldi, qoy qalsın. Xülasə, nə deyim, bu oxuyanların işləritəəccübdür. Yazıqların işləri-gücləri yoxdur, belə-belə şeylər yazıb satırlar. Bu yolnan özlərinə pul qazanırlar. Q u r b a n ə l i. Bunlar hamısı keçər-gedər. Ancaq bu tək səbir.... (Asqırır.) Allahu-əkbər! Mənim gözümü qorxudur. Gərək siz deyən doğru ola. Bu işin xətası var. Görək necə olacaqdır! (Fikrə gedir.) Ah! Qoy genə getsin qoyuna, oxumaq nəyinə lazımdır.... N i y a z ə l i. A kişi, nəyinizə lazım belə şeylər danışırsınız. İşinizi tanrı qurtardımı? Bircə deyin görüm, bəlkə eşidibsiniz, deyirlər naçalnik bu gün kəndə gələcəkdir, doğrudumu? A ğ a k i ş i. Doğrudu, doğru. Q u r b a n ə l i. Sənin də naçalniknən işin varmı? N i y a z ə l i. Əsil iş mənim deyilmi? A ğ a k i ş i. Nə olub, allaha şükür? N i y a z ə l i. Ortancıl oğlum qaçırtdığı qızın üstə yekə iş açılıbdır. A ğ a k i ş i. Atası, anası razı deyillərmi? N i y a z ə l i. Yox, a kişi! Qız əvvəl özgəyə nişanlıymış, kəbini də kəsilibmiş, indi əvvəlki nişanlısı mənim və mollanın əlindən şikayət eyləyibdir. Q u r b a n ə l i. Mollanın burada nə işi var? N i y a z ə l i. Necə ki, nə işi? Bir arvada iki yol kəbin kəsmək olmaz ki? Q u r b a n ə l i. Onun kəbinini gərək ki, özgə molla kəsmişdi. N i y a z ə l i. Elədi, amma gərək borcudur bilə: arvada kəbin kəsilibdir, ya yox? A ğ a k i ş i. Doğrudan, çox çətin işdir. Belə şey heç, olarmı ki? N i y a z ə l i. Mən də bilirəm olmaz. Amma.... O vaxt zorumuza saldıq, gücnən mollaya kəsdirdik, fikir elədim ki, atası və nişanlısı qızın dalınca düşməz, amma.... Q u r b a n ə l i. Qızı yəqin əlinizdən alacaqlar. N i y a z ə l i. Qızı alsalar onda nə mən, nə oğlanlarım gərək bu kənddə papaq qoyub gəzmiyək. A ğ a k i ş i. Mollanı da Sibirə göndərərlər. N i y a z ə l i. Bu işin üstəmi? A ğ a k i ş i. Bəli! Q u r b a n ə l i. Deginən yazıq mollanın evi yıxılıbdır. N i y a z ə l i. Xülasə, görək, işimiz nə,tövr olacaq! (Bu vaxt Koxanın eşikdən səsi gəlir:--Niyazəli burdadımı? Cavab:--Burdadı.) BEŞİNCİ GƏLİŞ Koxa, Niyazəli, Qurbanəli və Ağakişi. K o x a. Ay Niyazəli! Dur görək! N i y a z ə l i. Nə var, ay Koxa? K o x a. Naçalnik gəlib, səni istəyir. N i y a z ə l i. Hara düşübdür? K o x a. Hacı Abdullagildədir. A ğ a k i ş i. Adam çoxmu yığılıbdı? K o x a. Yox, hələ adam çox deyil. Ancaq buyurdu ki, Niyazəlini harda olsa tapaq. N i y a z ə l i. Görükür, əvvəl mənim işimə baxacaq! Q u r b a n ə l i. Elə görükür. N i y a z ə l i. Bir dəli şeytan deyir, heç getmə. A ğ a k i ş i. Yox, getsən yaxşıdı. Q u r b a n ə l i. Getməsən acıqlanar, işini bərkə salar. K o x a. Sən allah, dur gedək! Mənim da işim var. N i y a z ə l i (qorxusundan bilmir nə etsin). Olmazmı deyəsən ... şəhərə gedibdir? K o x a. Ay canım, niyə yalan danışım? Dur gedək, qorxma, sənə heç şey olmaz. A ğ a k i ş i. A Koxa, sən get, o da gələr. (Qurbanəli ayağa durur.) N i y a z ə l i. O yaxşıdı: sən get, mən də bu saat gəlləm. K o x a (gəlib qolundan tutur). Allahı sevərsən, məni yubandırma, dur gedək, heç şey yoxdur! (Niyazəli istər-istəməz başını bulaya-bulaya çıxır və onun dalınca Ağakişi.) A ğ a k i ş i. Belə ki, qorxursunuz, niyə dinc oturmursunuz! Q u r b a n ə l i (tək). Gələsən mən də gedim, görüm nə var.... (Fikrə gedir.) Yox a kişi, birdən naçalnik məni görər, köhnə işlərdən yadına düşər, məni də tələyə salar. Yaxşısı (budur, yerimdə oturum. (Oturub çubuq çəkir.) ALTINCI GƏLİŞ Gülpəri tələsmiş içəri daxil olur. G ü l p ə r i. Gördün hələ nə oldu? Hayıf sənə!Q u r b a n ə l i (ayağa durur). Ay arvad, nə var, nə olubdur? G ü l p ə r i. Yazıq oldu, getdi! Hayıf! Hayıf! (Guya şey üçün gəzir.) Q u r b a n ə l i. Ay evi tikilmişin qızı, de görüm, axı nə olubdur? G ü l p ə r i. Məhəmməd oğlunun gəlini dəli olubdu! Q u r b a n ə l i. Necə, dəli olubdu? G ü l p ə r i. Gözəl-göyçək gəlin idi, hayıf sənə! Q u r b a n ə l i. Gözəl-göyçəkliyi özünün olsun, de görüm necə dəli olubdu? G ü l p ə r i. Dəli olubdu, qanmırsanmı? Q u r b a n ə l i. Axı, nədən olubdu? G ü l p ə r i. Nədən olacaq? Mirzənin nəvəsi nədən oldu? Bu da ondan! Q u r b a n ə l i. Hal anasındanmı? G ü l p ə r i. Hə, һә! Yazıq! Hayıf sənə! (Dizinə vurur.) Q u r b a n ə l i. Doğrudan da hayıf! Qurtarmaq çox çətindir. Nə tövr olubdu ki? Görübdü? O ki gözə görünməz? G ü l p ə r i. Tovlada ata arpa verirmiş, birdən gözünə görükübdü, ətəyindən yapışıb, qızın elə orada ürəyi gedib yıxılıbdı,tovladan ölü çıxardıblar. Q u r b a n ə l i. Belə şey olmaz, ay arvad! G ü l p ə r i. İnanmırsan, eşiyə çıx. Gör nə xəbər var, nə qiyamətdir! Mollalar hamısı tökülüb dua yazırlar. Q u r b a n ə l i. Yəni doğrumu deyirsən? G ü l p ə r i. A kişi, çıxıb baxsana, gör xalx necə yığılıbdır! Q u r b a n ə l i (tez ayağa durur). Ay, məiim başmaqlarım hardadı? G ü l p ə r i (çıxıb eşikdən başmaqları tullayır və az qalır ki, Qurbanəlinin başına dəysin). Ala, andırlarını! Q u r b a nə l i. Kökün kəsilsin, arvad. (Tez geyinib eşiyə çıxır.) PƏRDƏ * * * Üçüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Hacı Abdullanın evi. Hacı Abdulla döşək üstə əyləşib balışa söykənibdir, çubuq çəkir. H a c ı A b d u l l a (qoynundan kağızları çıxarıb bir-bir baxır). Yaxşı yadıma düşdü. Görüm, bunlar nə kağızıdır. Ay gədə, Əhməd! İKİNCİ GƏLİŞ Ə h m ə d. Bəli. (Əhməd içəri daxil olur.) H a c ı A b d u l l a. Ömər evdədirmi? Ə h m ə d. Evdədir. H a c ı A b d u l l a. Çağır bura gəlsin. (Əhməd dişqarı çıxır, Ömər içəri daxil olur). ÜÇÜNCÜ GƏLİŞ H a c ı A b d u l l a. Bu kağızlara bax görüm, nə kağızıdı. Ö m ə r (kağızları əlinə alıb diqqətlə bir-bir baxır). Bunlar baratdır. (Göstərir.) Bu Mələk Namaz qızının tərəfindəndir. Oğlu Tanrıverdini Sibirə göndərirlər, ona görə istəyir pul yığsın. H a c ı A b d u l l a. Bizim, belə, gödək Tanrıverdinimi? (Təəccüb edir.) Ö m ə r. Bəli. H a c ı A b d u l l a. Bəgəm onu tutdularmı? Ö m ə r. Hələ yaralıyıblar da! H a c ı A b d u l l a. Ay yazıq. İgid də deyəndə belə olardı. Gözünə döndüyüm çox qanlar tökdü. Doğrudan da atasının oğlu idi, atası da özü kimi igid idi. Onu indi qurtarmaq olmazmı? Ö m ə r. Bundan sonra necə qurtarmaq və qurtarıb nə olacaq? Yaxşı oldu ki, tutdular! Bəlkə bir az sakitlik ola. H a c ı A b d u l l a. Ay sarsaq, necə qıyıb elə deyirsən. Kəndin igidlərindən biri o idi. Doğrudan ki, yazıq! Hayıf sənə! (Əlini cibinə aparır.) Ala, bu on manatı ver gədəyə aparsın, anasına versin və yazdırsın ki, məlum olsun. Ö m ə r (başını bulayır və pulu alır). Yaxşı, verərəm. H a c ı A b d u l l a. Bəs o biri kağız nədi? Ö m ə r (kağızı diqqət ilə oxuyur). Baxım görüm. H a c ı A b d u l l a. O kağız rusca yazılıbdımı? Ö m ə r. Bəli, ruscadır, naçalnikin tərəfindəndir. Sarvan mahalında təzə şkola açmaq istəyirlər. Ona görə naçalnik təvəqqe edir ki, hər kəs istəsə, şkolanı tikməkdən ötəri pul bağışlasın. H a c ı A b d u l l a. Bizim belə bu şkoldanmı? Ö m ə r. Bəli. H a c ı A b d u l l a. Gör sən allah, nə sarsaq-sarsaq işlər görürlər! (üzünü xalqa tutur.) özgənin kəndində şkol açılır, bizmi pulunu verək və mənim nəyimə lazım ki, şkol açılır. O kağız heç! (Əli ilə göstərir.) Boş şeydi, cır getsin. Ö m ə r. A ağa, belə işdə kömək etmək lazımdır. Bizim şkola tikiləndə naçalnik özu pul bağışlamadımı? H a c ı A b d u l l a. Özgə axmaq iş görübdür, gərək məndəmi görəm! Kağızın cavabını yaz ki, atam şəhərə gedibdi, pul-zad yoxdur. Ö m ə r. Ağa, naçalnikdən eyibdir. Sən göndərmirsən, mən on manat göndərərəm. H a c ı A b d u l l a. Deyirəm axı, sənin başına at təpibdir. Bilmirəm haçan ağıla gələcəksən? Doğrudan da cahil! Pulun qədrini hələ bilməzsən. (Ömər atasına əyri-əyri baxıb dişqarı çıxır.) H a c ı A b d u l l a (onun dalınca baxır). Doğrudan da deyirlər: "Oxumaqdan qara adamın ağlını aparar". DÖRDÜNCÜ GƏLİŞ Yetər və Hacı Abdulla. Y e t ə r (ağzı yaşmaqlı içəri daxil olur). A kişi, durub o biri dama getsənəm. Qurbanəlinin arvadı bizə gəlibdir, səndən qaçır. H a c ı A b d u l l a. Dərənin ermənisindən qaçmır, məndənmi qaçır? Əh! (Durub gedir.) Y e t ə r. Ay qız, ay Gülpəri bura gəl! BEŞİNCİ GƏLİŞ Yetər, Gülpəri. G ü l p ə r i. Salaməleyküm! Y e t ə r. Xoş gəlibsən! Otur görək. Uşaqların-zadın sağ-salamatdılarmı? G ü l p ə r i. Canına duaçıdırlar. Y e t ə p. Qurbanəli azarlıydı, indi yaxşıdımı? G ü l p ə r i. Qurbanəli dəli olub, başına at təpib. Y e t ə r. Necə, ay arvad? G ü l p ə r i. Ağıldan kəm olub, bilmirəm deyir, hansı dəli başını doldurubdur ki, "balaca oğlunu qoy oxusun". Deyirəm ay kişi, başına atmı təpib? Dana-buzovumuzu kim otarar? Deyir: "Sən bilmirsən! Oğlum oxuyub abrizinni olacaq". Y e t ə r. Ay qız, abrizinni hansıdır? G ü l p ə r i. Nə bilim, oxuyanlara abrizinni demirlərmi? Y e t ə r. Doğru deyirlər, kişinin ağlı az olar! G ü l p ə r i. Allaha qurban olum, oxumaq fikrinə düşəndən tək səbirdi ki, gəlir. Axırı səbirdən qorxub fikrini dəyişdirdi, sakit oldu. Uşaq yavaş-yavaş qoyuna getməyi öyrənmişdi, hərgah oxumağa getsəydi, ağlını qara alıb bunlar hamısı yadından çıxardı, gedərdi. Y e t ə r. Bunlar yadından çıxmağı heç! özü böyüyəndə lap dəli olardı. G ü l p ə r i. Doğrumu deyirsən? Y e t ə r. Ay sağ olmuş! Bizim Öməri görmürsənmi? Allah ağlını alıbdır: gah kitabnan oynayır, gah nə bilim, maşınlar yazır. Əbəs yerə pulunu yox edir. İki ildir çalışıram, nə ki, sağam toyunu eliyim, gözüm görsün. Amma razı olmayır. G ü l p ə r i. Bəlkə düşmənləriniz oğlanın bəxtini bağlayıblar? Y e t ə r. Allah bilir, bəlkə də elə ola. Bəs bunun çarəsi nədi? G ü l p ə r i. Gərək kitaba baxdırasan, dualar yazdırasan. Bildir Nənəxanımın oğlu da belə olmamışdımı! Kitabnan açdılar. Y e t ə r. Elədi, elə. Yaxşı yadıma saldın. Dərviş baba cinləri gəzdirəndəmi? G ü l p ə r i. Hə, hə…. Bax, o dərviş baba bir gün hamının gözünün qabağında cinlərə buyurdu ki: "Açın bu oğlanın düyününü". Bir neçə gündən sonra oğlan özü yalvardı ki, onun üçün arvad alsınlar. Amma yaxşı da pul aldı. İki yüz manat aldı. Bir yüzünə pul və bir yüzünə də qoyun. Y e t ə r. İndi o dərviş burada deyil, nə etməli? Ondan savayı bir ayrı adam yoxdumu? G ü l p ə r i. Niyə yoxdur, bizim kənd mollası da kitaba baxır. Y e t ə r. Yaxşımı baxır? G ü l p ə r i. Baxmağına söz yoxdu. Dörd ay bundan əvvəl bizim bir danamız itmişdi, kitaba baxıb yerini o saat dedi. Y e t ə r. Dananı sonra tapdınızmı? G ü l p ə r i. Hardan tapdıq! Oğurlayan yemişdi, getmişdi! Y e t ə r. Ağrın alım, a Gülpəri, indi bu işdən ötəri o mollaya baxdırmaq olarmı? G ü l p ə r i. Nə üçün olmur, sənə bir də bir şey deyim. Hərgah istəyirsən ki, işi düzəltsin, gərəkdi ki, pula qızırğanmıyasan. Y e t ə r. Təki bu iş düzəlsin. özümün nə ki qızıl-gümüşüm var, hamısını bu yolda qurban eylərəm. Amma bu işi gərək bir sən biləsən, bir də mən. G ü l p ə r i. Yaxşı, indi mən gedirəm mollanın yanına, deyərəm sizə gəlsin. Y e t ə r. Yox! Yaxşı olar ki, sən əyləşəsən. Mən balaca qızı göndərrəm, getsin çağırsın. özün burda əhvalatı deyərsən, sonra mən də danışaram. G ü l p ə r i. Yaxşı olar. (Yetər dişqarı çıxır.) Evin yıxılsın kişi! (üzünü xalqa.) İstəyir ki, mənim oğlumu da aparsın, dəli eləsin…. Biçarə oğlanın bəxtini görürsən necə bağlayıblarsa, arvaddan-zaddan heç fikir eləmir. Molla görək nə deyəcək?! (Molla əlində ağac içəri daxil olur.) ALTINCI GƏLİŞ Molla və Gülpəri. M o l l a. Salaməleyküm! G ü l p ə r i (üzünü bir az örtür). Xoş gəldin, a molla? Buyur əyləş. M o l l a. Nənə, qulluğunuz nədir? (Bir tərəfdə əyləşir.) G ü l p ə r i. A molla! Səni bura Hacının arvadı Yetər çağırdıbdır. Gərək onun oğlundan ötəri kitaba baxasan, özü də indicə gələr. M o l l a. Nə olubdur ki? G ü l p ə r i. İndi neçə ildi ki, istəyirlər böyük oğlu Ömərdən ötəri arvad alsınlar, amma oğlan razı olmur. M o l l a. Görünür, bəxtini bağlıyıblar. YEDDİNCİ GƏLİŞ Yetər içəri daxil olur. Molla yerindən durub təzim edir. Y e t ə r. Əyləş! Xoş gəlibsən! M o l l a. Çox razıyam, ana! Buyruğunuz nə ola? Y e t ə p. Gülpəri demədimi? M o l l a. Bəli, bəli, bildim. Çox əcəb. Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasıiız və gərəkdir ki, puldan əsla fikir etmiyəsiniz. Çünki o cinlər ki, mən onlara hökm edəcəyəm, pul barəsində çox danışıqlar sevməyirlər. Y e t ə r. Ay molla, nə ki lazımdır sən elə və necə ki gərək olsa, mən hazıram. Ancaq iş düzəlsin və oğlum bilməsin. M o l l a. Oğlanın bilməməyindən arxayın olun. Ancaq mənim dualarım özğələrinki kimi deyil, mənim dualarımın hərəsinin ayrı-ayrı qiyməti var…. G ü l p ə r i (tərəfə). Hələ baxmamış, evi yıxılmış puldan dəm vurur. M o l l a. Və mənim bir duam vardır ki, hər kəlməsi bir manatdır! Hər kəs istəyir yazıram və neçə kəlmə olsa, ona görə pulumu alıram. Y e t ə r (tərəfə). Doğrudan da ki, deyirlər: "Mollanın gözü heç doymaz". M o l l a. Çox əcəb! (Əlini qoynuna aparıb kitabçasını çıxarır.) İndi mən bu kitaba baxaram və hərgah bu kitabla kimin və nəyin barəsində kitaba baxılacağını bildimsə, o vaxt yəqin ediniz ki, bu işi axırınadək aparacağam. Və hərgah bilməsəm, yəqin ediniz ki, bu iş başa gəlməz. Ondan ötəri ki, bir vaxt olur, cinlərimin kefi gələn zaman olub, pul çox almaqdan ötəri cavab vermirlər. cin tayfası pulu çox sevər. Y e t ə r. Sən allah, a molla, puldan fikir eləmə. Mən səni və sənin cinlərini artıqlığınca razı eylərəm. M o l l a (kitaba baxır). Bəli, görək, nə görükər. (Yavaş oxuyub gülür.) İşiniz çox yaxşı gəlibdir. (Arvadlar mollaya yaxın oturub diqqət ilə qulaq asırlar.) İndi mən bir-bir sizin üçün deyim, siz qulaq verin, görün dürüst deyəcəyəm, ya yox. Çünki necə ki, əvvəl dedim: hərgah işi əvvəlindən doğru desəm, axırınadək doğru gedəcək. Qulaq verin. (Arvadlar dəxi də irəli otururlar.) Bu kitaba baxdıranın ismi Yetərdir. G ü l p ə r i. İsmi nədir, a molla? M o l l a. Yəni, adı! Bu Yetər… Çox aydın görünür…. öz oğlu Ömərdən ötəri kitaba baxdırır. Səbəb də budur ki, oğlan arvad almaq istəmir. A r v a d l a r (bir-birinə). Ay qız, görürsən necə tapdı? M o l l a. Hə … hə…. Getdikcə iş qaranlıqlaşır…. Heyf a!… Cavan oğlanın bəxtini bir adam bərk-bərk bağlayıbdır. ömrümdə bu qədər kitaba baxmışam, belə çətin işə hələ rast gəlməmişəm…. (Fikrə gedir.) İş qaranlıqlaşır, amma asana çıxmağa da ümid var. Ancaq … m … m … böyük cin gərək ki, naz edir…. Y e t ə r (əlini tez cibinə uzadır, pul çıxardıb mollaya verir). Ala, a molla, bu pulu cinə bağışla. M o l l a (gülür). Deyirəm axı, niyə naz eyləyir. Görükür, qarnının ağrısı varmış. Bəh, bəh! Gör nə yaxşı görükür! A r v a d l a r (kitaba baxırlar). Hanı? Biz heç şey görmürük? M o l l a. Bacılar! Siz görə bilməzsiniz, ancaq qulaq verin: o oğlan ki, bunun ürəyini bağlayıbdır, gödək boylu, qarabuğdayı cavan oğlandır və elə bərk bağlayıbdır ki, heç vaxt arvad ala bilməz. Y e t ə r (əli ilə dizinə vurur). Oğlumun evi yıxılıb gedibdir. M o l l a. Rahat olunuz, belə şeylər mənim əlimdə asandır. Kitabda görünməyiiə görə lazım gəlir ki, o dua ki, mən sizə dedim, gərəkdir yazıla. (Kağız və qələm çıxardıb yazır və büküb Yetərə verir.) Bu duanın qiyməti on manatdır. Bunu axşamdan suya salarsınız, elə ki, suyun içində qarası gedər, ac qarnına verərsiniz, oğlan içsin. Y e t ə r (əlini cibinə uzadıb pul tapmayır). Molla! Olarmı ki, pulun yerinə qızıl-gümüş verim? M o l l a. Eybi yoxdur, amma gərəkdir qiyməti bir ola. Y e t ə r (gedib sandığını açır, qızıl-gümüş çıxardıb mollaya verir). Bunlar on manatdan da artıq olar. M o l l a. Çox olmaq eyib eyləməz, az olmasın. Çünki az olsa, cinin şəninə toxunar. (Şeyləri alıb cibinə qoyur.) Və hərgah istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabah bir qoyun kəsəsiniz. Ətini bütün və bir cam qanından mənə göndərərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir. Y e t ə r. Yaxşı, olmazmı ki, qoyunu sizə göndərəm, özünüz kəsəsiniz? M o l l a. Çox əcəb! O hamısından yaxşı olar. G ü l p ə r i. O yaxşıdır, çünki mollanın kəsməyində də bir iş var. M o l l a. Əlbəttə! Mən kəsən hara, çoban kəsən hara! Bəli, dəxi mən öz işimi qurtardım, nə ki dedim, əlbəttə, hamısına əməl edərsiniz və onu da biliniz ki, hər nə olsa, bir həftədən sonra olacaqdır. Bir həftədən qabaq heç şey olmaz.(Ayağa durur.) G ü l p ə r i. A molla, bircə mənim üçün də dırnağa bax. Yarım aydır beş tümənlik şeyim itibdir, bilmirəm, hansı əliqurumuş götürübdür. M o l l a (oturur). Dırnağa baxaram, ancaq gərəkdir ki, nəziri qabaqca verəsən; çünki verməsən, heç şey görünməz. G ü l p ə r i (əlini cibinə uzadır). Yanımda bircə şahı pulum var, al bunu, sabah da yumurta göndərərəm. M o l l a (fikrə gedir, kitabı açıb oxuyur). Kitaba görə bu gün dırnağa baxmaq olmaz. Allah qoysa, sabah gələrsən, baxapam. (Ayağa durub gedir.) Xudahafiz! Y e t ə r. Xoş gəldin, allah sənə ömür versin! M o l l a (gedə-gedə). Qoyun yadınızdan çıxmasın. Y e t ə r. Arxayın ol! G ü l p ə r i. Qarnına şiş girsin, a molla! Gördün hələ, mənə dırnağa baxmadı! Y e t ə r. Həlbət doğru deyir: "Bu gün dırnağa baxmaq olmaz". Bunlar hamısı kitablarda yazılıbdır, özlərindən demirlər ki. G ü l p ə r i. Doğrudur, a bacı. Gördünmü sən allah, allahın tatı necə yerbəyer hamısını düz dedi! Y e t ə p. Hər kəsə desən ki, Molla Qasım filan şeyi, filan əhvalatı kitabnan tapdı, deyəcəklər: "İnanmayın". Axı, necə inanmayım ki, gözümün qabağında öz adımı da bildi, oğlumun adını da bildi və nədən ötrü baxdırıram, hətta onu da bildi! (Üzünü xalqa tərəf tutur.) Bunların hamısını evi yıxılmış birbəbir kitaba baxıb dedi! G ü l p ə r i. İndi görək, bir həftədən sonra nə olacaqdır. Y e t ə r. İnşaallah, belə bilirəm ki, bir ayadək toyunu eliyək! G ü l p ə r i. Bunun toyunu gərək yaxşı eləyəsiniz. Ondan ötəri ki, balacaya arvad alanda toy olmadı. Y e t ə r. Balaca, gözünə döndüyüm, bir gecənin içində qızı qaçırtdı! Başımız qalmaqala düşüb, toy yadımızdan çıxdı. İnşaallah, bunun toyunu yaxşı eliyərik. Sən də gələrsən, a Gülpəri! G ü l p ə r i. Çox sağ ol, ağrın alım. (Durub getmək istəyir.) Y e t ə r. A Gülpəri, bir az otur, danışaq! G ü l p ə r i. Yox, ağrın alım. İndi Qurbanəli evə gələr, çörək istər yeməyə, verən də olmaz. Salamat qal. Y e t ə r. Xoş gəldin! (Üzünü qibləyə tərəf.) Allah! Özün şahidsən, qızıl-gümüşümü verdim. Özün kömək elə! Mollanın duasını səbəb sal! (üzünü xalqa tərəf.) Qoy görüm, Hacı gələndə bir az genə pul ala bilərəmmi ki, mollaya göndərəm, ta işi yaxşı görsün. SƏKKİZİNCİ GƏLİŞ Hacı Abdulla və Yetər. H a c ı A b d u l l a. Qonağın getdimi? Y e t ə r (hirsli). Getdi, getdi. H a c ı Abdulla. Niyə acıqlı-acıqlı danışırsan? Y e t ə r. Acıqlı danışmayım, nə eləyim? Oğlan böyüyüb vaxtını keçirtdi. Kənddə xəcalətdən məclislərə çıxa bilmirəm. Hamı deyir ki: "Hacının görükür pulu yoxdur, oğluna arvad almayır". H a c ı A b d u l l a. O sözlər boşdur, hamısı məni tanıyır və mənim dövlətimi də bilir. Və oğlumun dəli olmağı da hamıya məlumdur. Kişi özü istəməyəndə mən gücnən almayacağam ki? Sən de görüm, mən nə eləyim? Y e t ə r. Mən belə bilirəm bu iş dua işidir. Düşmənimiz azdırmı?! H a c ı A b d u l l a. Yaxşı, ona da razıyam. Ala bu on manat. Nə istəyirsən onu elə. İstəyirsən dua yazdır, istəyirsən kitaba baxdır. İşim yoxdur. Y e t ə r. (pulu alıb cibinə qoyur). Görərsən ki, bu iş dua işi olacaqdır. DOQQUZUNCU GƏLİŞ Niyazəli, Hacı Abdulla və Yetər. N i y a z ə l i (içəri daxil olur). Salaməleyküm! (Yetər bir tərəfə çəkilib başını örtür.) H a c ı A b d u l l a. Xoş gəlibsən, əyləş görək! N i y a z ə l i. Kefin necədir, Yetər nənə? Y e t ə r (yavaşdan). Sağ ol, əziz olasan. N i y a z ə l i. Mən, doğrusu, gəlmişəm sizi sevindirim. Bir xeyir iş var. H a c ı A b d u l l a, Y e t ər . Nə olubdur, xeyir ola?! N i y a z ə l i. İnşaallah ki, xeyir olar! Üç gün bundan əvvəl sənin oğlun Ömərnən mənim oğlum ova gediblərmiş. Orda arvaddan söz düşüb, Ömər deyib ki: " Hərgah Ağakişinin böyük qızını mənə versələr, alaram". Y e t ə r (tərəfə). Bəs molla deyirdi, bir həftədən sonra məlum olacaqdır? H a c ı A b d u l l a. Bu bir çətin iş deyil. Ancaq mənim üçün ayıbdı, belə varım ola-ola, Ağakişi kimi kasıb adamın qızını alam. Y e t ə r. Zərər yoxdu, təki o, arvad alsın. N i y a z ə l i. Deyərlər, a Hacı, "oğul atasına oxşar", bu bilmirəm … heç kimə oxşamır. Mənim oğlum deyir: "Qoçaqlıqda əsla əli yoxdur, xasiyyəti də bir özgə xasiyyətdir". H a c ı A b d u l l a. Dorğu deyirsən … mənə oxşuyub, kiçik oğlum. Onun başına dönüm, iyid də deyəndə odur! Qeyrətli, namuslu, düşmənini həmişə biləndi! (Dişqarıda qilü-qal düşür, tüfəng açılır.) ONUNCU GƏLİŞ Ömər, Niyazəli, Hacı Abdulla, Yetər. Ö m ə r (tez özünü içəri salır, o yan-bu yana gəzinib hirsli danışır). Nə var, nə oturubsunuz? Özünüz öz əliniz ilə evinizi yıxdınız. (Atasına.) O qədər dəlini tərif etdiniz ki, indi bəlasını çəkiniz. (Gəzinir.) H a c ı A b d u l l a, Y e t ə r, N i y a z ə l i. (ayağa dururlar). Nə olubdur ay balam! Nə olubdur? Ö m ə r. Dəxi nə olacaqdır! Bundan artıqdamı şey istəyirsiniz olsun? Oğlun Vəli poçt yolunda dörd nəfər adamı bir-birinin yanına salıbdır. H a c ı A b d u l l a. Öldürübdürmü? Ö m ə r. Bəs neyləyibdir? Məni də az qalmışdı güllələyələr. Pristav elə bilir, gəlib evdə gizlənibdir. Bu saat kazaklar ilə gəlib evin dörd ətrafını kəsdiribdir. (Tüfəng açılır. Hamısı qorxur: Yetər başına, Hacı dizinə vururlar. Niyazəli qaçır.) İndicə pristav gəlib hamınızı tutacaqdır. H a c ı A b d u l l a. Gördün hələ nə oldu?! Allah, özün rəhm elə! Bircə mən gizlənim, demiyəsiniz mən evdəyəm. (Qaçıb gizlənir, Yetər də onun dalınca. Genə tufəng açılır. Ömər bilmir nə etsin, bu vaxt pristav kazaklar ilə içəri daxil olur. Burada adam tapmayıb, özgə otağa gedirlər.) PƏRDƏ * * * Dördüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Vəli və onun qaçaq yoldaşları hamısı yaraqlı Hacı Abdullanın evində. V ə l i. Dünənki kimi işimiz yaxşı olmamışdı. P i r v e r d i. Necə ki? V ə l i. Bundam yaxşı nə istəyirsən ki, beş yüz manata qədər əlimizə pul gəldi. P i r v e r d i. Amma cuhudun yaxşı evini yıxdıq. Ş ə m i l. Pulunu almışdıq, amma gərək özünü öldürməyəydik! İ s m a y ı l. Öldürməyib nə eliyəcəydik? V ə l i. Öldürməsəydik gedib pristava yerimizi deyərdi. P i r v e r d i. Yaxşı oldu ki, öldürdük! Dünyadan bir cuhud əskik olsa, böyükmü şey olar? M ə n s u r. Cuhudun boynundan əvvəl vuran kim oldu? V ə l i. Mən. P i r v e r d i. Xeyr, xeyr! Mən idim! İ s m a y ı l. Elədi, əvvəl Pirverdi vurdu, ondan sonra Vəli. V ə l i. Amma mənim qılıncımda da hünər var, ha! Vuran kimi başı düşdü. Ş ə m i l. Elə şeylər çox olacaqdır; min elə cuhud öləcək. Amma görək axırımız nə olacaqdır. P i r v e r d i. Qorxma, inşaallah ki, axırımız da yaxşı olar. Ölsək də igidliklə öləcəyik. M ə n s u r. Doğrudan, görəsən biz öləndən sonra bizə yanan olacaqmı? İ s m a y ı l. Necə olmaz, ay sağ olmuş? Bir adam ki, igid ölə, ona yanmazlarmı? Vəli, sən allah, de görək, bizim bu günə düşməyimizin səbəbi çoxdu, sənə nə oldu ki, qaçaq oldun? V ə l i. Sizinkinə səbəb nə oldu? İ s m a y ı l. Mən, doğrusunu demək, atamın ucundan olmuşam. Bildir yazda atamnan baqqal Rzaqulunun sözləri çəp gəlir. Evə gələndə dedi ki, "hərgah Rzaqulunu bu gecə güllələməsən, mənim oğlum deyilsən". O saat aynalını götürüb getdim. Sizin canınız üçün, güllənin birini alnından elə vızıllatdım ki, dərhal yerə yıxıldı. Ordan qaçan, bu çağa kimi özümü tutdurmamışam. M ə n s u r. Mən də o dərddənəm. P i r v e r d i. Mənim işim qız üstədir. V ə l i. Nişannınımı qaçırdıblar? P i r v e r d i. Yox, a kişi, Nuru oğlunun qızını almaq istiyirdim. Nə ki pulum, qoyunum var idi, qızın yanına gedib-gəlirdim. Elə ki, keçən il taxıl kəsad oldu, əlim bir az boş oldu, qızı əsla mənə göstərmədilər. Təngə gəlib bir gecə evdəki adamların hamısını doğram-doğram elədim. Ş ə m i l. Mən hələ adam-zad öldürməmişəm. Elə adım çıxsın deyə, çöllərə düşmüşəm. V ə l i. Mənim qaçaq olmağım da bekara yerə olubdur. Niyazəlinin oğlunnan şəhərdən gəlirdik. Dörd-beş atlı uzaqdan gedirdilər. Yoldaşımnan mərc elədim ki, görək kimin gülləsi olara gedib çatar. İki güllə yoldaşım atdı, hamısı boşa çıxdı. Üçünü də mən atdım. Dördünü də bir-birinin yanına saldım. Oğulammı? H a m ı s ı. Qoçaqsan, vallah! (Hər kəs cibindən fındıq çıxarıb yeyir.) V ə l i. Bu hələ nədir ki! Bundan da hünərli işlər görmüşəm. Bəs atam məni nə üçün Ömərdən artıq istiyir? Hamısı belə qoçaqlıqlarımın səbəbi deyilmi? M ə n s u r. Doğrudan, a Vəli, sənin qardaşın Ömər çox bişüura bənzəyir! V ə l i. A kişi, rusca da oxuyanın ağlımı olar? Qara adamın ağlını alıb gedir. üzünə qənşər, neçə dəfə yaman cöz deyiblər, amma bu çağa qədər mərdliklə bir adama cavab vermiyibdir. Ancaq açığı bir adama tutanda ərizə yazır, divana yügürür. Ş ə m i l. A Vəli, sən bizi burda çoxmu saxlayacaqsan? Bizim burda olmağımızı biləllər. V ə l i. Heç kəs bilməz. Gədəyə demişəm Ömərdən savayı başqa adam qoymasın. Gözləyək, bircə Ömər gəlsin, onun üzünə tüpürməyə. Başı necə qəbul eyliyir, mənim üstümdə atamı, anamı qazamata salıblar, amma o öz kefinə gəzir.... İ s m a y ı l. Allahı sevərsən, bizi xataya salma. (üzünü yoldaşlarına tərəf.) Durun gedək, burda dava düşər. V ə l i. Nədən qorxursunuz? Düşər, qoy düşsün. Onu bir gülləyə qurban eliyərəm. Bir az rusca oxuyub, özünü bizdən ağıllımı hesab eliyir? (Acıqlanır.) Ax, ax! Bu hirsli vaxtımda əlimə düşə, qarnını balıq qarnı kimi yarram. (əlini xəncərin dəstəsinə aparır). İ s m a y ı l. Adam da qardaşını öldürərmi? V ə l i. Belə qardaşın boynu yerə batsın. O gün yanına adam göndərib soruşuram ki, necə qeyrəti qəbul eliyir ki, mənim üstümdə atamı, anamı tutublar? Amma özü öz kefinə gəzir. cavab verir: "Çalışıram hamısını qurtaram". (Başını bulayır.) Sən qurtaran adamın başı batsın. P i r v e r d i. Allahı sevirsən, qoy görək! Hərgah mən belə bilsəydim sən bundan ötəri bizi bura gətirirsən, əsla gəlməzdim. M ə n s u r (tərəfə). Evi yıxılmışın gözünü qan örtübdür. İ s m a y ı l (Şəmilə). Durun, yaxşısı budur gedək. Burda bunun xatası var. Ş ə m i l. Durun gedək, mən gedirəm. (Hamı durub getməkistəyir, amma Vəli istəmir.) İ s m a i ı l. A Vəli, sən mənim canım, dur gedək. Burda qalmağın xatası var. V ə l i. Gedirsiniz, siz gedin. Mən gərək qardaşım Ömərə göstərəm ki, qardaşlıq necə olar. (Hirslənir.) Ax, ax!... Ax! (Vəlini tutub çəkirlər, eşikdə.) Ay Əhməd! Gələndə Ömər ağana deyərsən ki, çox xoşbəxt adamdır, əgər görsəydim, mən bilərdim ki, nə eliyərdim. İKİNCİ GƏLİŞ Ə h m ə d (tək). Evləri yıxılmışlar getmək istəmirlər ki, hərgah bunların burda olmaqlarından pristav xəbərdar olsa, yəqin ki, məni də qazamata salar. Gündüz axşamadək günlərini quldurluqda, adam öldürməkdə keçirirlər. (Otağı səliqəyə salır.) Buraları yığışdırım, gərək ki, indi Ömər ağam da gələ. ÜÇÜNCü GƏLİŞ Ö m ə r (dişqarıdan səs edir). Ay Əhməd, ay Əhməd! Gəl atı tut! Ə h m ə d (tez yüyürür). Gərək ki, ağamdır. ö m ə r (çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstüyaraqlı içəri daxil olur və soyunur). At məni nəhayətdə yorubdur. (yerə baxır.) Buralar görəsən nə üçün belə zibildir? Görükür, genə mən olmamışam, Əhməd qonaqlıq eliyibdir. Ay Əhməd!... DÖRDÜNCÜ GƏLİŞ Ə h m ə d. Bəli! (Gəlir.) Ö m ə r. Buralar nə üçün genə zibildir? Yüz yol deməmişəmmi evi həmişə təmiz saxla? Ə h m ə d. Allaha şükür, nə olubdu ki? Ömər (əli ilə göstərir). Gözün kordumu? Görmürsənmi? Olmaya genə qonaqlıq edibsən? Ə h m ə d. Xeyr ağa, qonaqlıq-zad olmuyubdur. Ö m ə r. Bəs görükür, bu iki gündə heç buraları süpürməyibsən? Ə h m ə d. Sən gedəndən gündə iki yol süpürürəm. Ö m ə r. Yalan danışırsan! Hərgah süpürsəydin, belə olmazdı. Ə h m ə d. Bu indicə olubdur. Ö m ə r. Necə indicə? Ə h m ə d. Belə bu zibilimi deyirsən? Ö m ə r (acıqlanır və otaqda hirsli gəzinir). A ... allahını sevərsən, yaxşıdır! Hələ təzədən üsuliddin soruşacaq! (Gəzinir.) öyrənibsiz, gərək zibil içində əyləşəsiniz. Ə h m ə d . (süpürür və yavaşdan öz-özünə danışır). Mən neyliyim, öz qardaşın eyliyibdir. Ömər (təəccüblə.). Necə?! Öz qardaşım?! Ə h m ə d. Bəli, sənin qardaşın Vəli! Ö m ə r. Onun burada nə işi var idi? Kim demişdi ki, onu buraya qoyasan? Sən bilmirsənmi onun üstə atamı da, anamıda tutublar? Ə h m ə d. Mən neyliyim? Öz yoldaşlarınnan gəlib bir xeyli vaxt oturdular. Məni də əsla içəri qoymadılar, dedilər: "Sən qapıda dayan, gəlib-eliyən olsa, bizə xəbər ver". Ö m ə r. (hirsli). Ay anlamaz, doğrudan da ki, anlamaz! (Gəzişir.) Özün bilmirsənmi onun buraya gəlməyinin böyükxatası var? Ə h m ə d. Mən nə eləyim? Özləri gücnən gəlib oturdular. İstədim qoymuyam. Vəli ağa qılıncı sivirib az qaldı başımdan vura. Ö m ə r. Hamısı neçə adam idi? Ə h m ə d. Dörd-beş nəfər olardılar. Ö m ə r. Dürüst hesabını da bilmir. Çoxmu oturdular? Ə h m ə d. Bir xeylaq oturdular, gərək ki, səni gözlüyürdülər. Ö m ə r. Məni? (Fikrə gedir.) Ə h m ə d. Bəli, səni, gedəndə qardaşın dedi ki, "Ömər gələndə deyərsən ki, baxtı yaxşı gətirdi ki, burda olmadı. Hərgah, deyir, burda olsaydı, mən bilirdim nə eliyərdim". Ö m ə r. Qələt edirsən! Ə h m ə d. Vallah ağa, elə dedi! Ö m ə r (hirslənir). İtil gözümdən, rədd ol! (Əhməd dişqarı çıxır.) Məni ... mi?.... (Dayanır, fikir edir.) Gör ha!... O, yəqin ki, məni öldürmək istəyirmiş. (Fikrə gedir.) Pərvərdigara! Gör avamlıq nə yerə çatıbdır ki, qardaş qardaşı öldürmək istəyir. Səbəb nədir? Səbəb odur ki, mən onun düşmənlərini öldürmürəm! (Fikrə gedir, üzünü xalqa tərəf.) A kişi! Gör dünya nə yaman olubdur. İnsanın ürəyinin belə bir daş olmağını aşkar görürəm. Bimərifətlik, nadanlıq adamı bu dərəcədə heyvan edərmiş! Tfu, belə qeyrətə! İnsan belə şeyləri fikir elədikcə, tükləri biz-biz olur.... (Bir az fikirdən sonra.) Ah ... nadanlıq! Böyük bəlasanmış! Bizim müsəlman millətinə nəzər et, firəng millətinə nəzər et. Zəmin asimanadək təfavüt var. Məgər xudavəndi-aləm firəng millətini ağıllı yaradıb, müsəlmanı ağılsız? Gedərsən Firəngə görərsən ki, cəmi millət guya bir ata-ananın oğludur. Baxarsan işlərinə: oxumaq, yazmaq, işləmək, bir-birinə kömək etmək. Amma.... (Fikrə gedib gəzişir.) Amma bizim millətə baxarsan, guya ki, qəflət yuxusuna mübtəla olubdur. Əsla dünyadan xəbəri yoxdur. Bunun səbəbi nadanlıq deyilmi? Ah ... ah! Məni ... mi, məni öz qardaşım istəyir öldürsün?(Bu vaxtda dişqarıdan səs gəlir.) M ə h ə m m ə d a ğ a (dişqarıdan). Ay Əhməd, deyirlər Ömər gəlibdir, evdədirmi? Ə h m ə d (dişqarıdan). Bəli, evdədir! BEŞİNCİ GƏLİŞ Məhəmməd ağa və Ömər. Ö m ə r (başını qapıdan çıxardıb çağırır). Məhəmməd ağa, buyurunuz! M ə h ə m m ə d a ğ a. Salaməleyküm! Xoş gəlibsiniz! Ö m ə r. Çox sağ olunuz, əyləşiniz görək. (Kürsü verir.) M ə h ə m m ə d a ğ a. Bir şey edə bildinizmi? Ö m ə r. Necə ki? İkisini də qurtardım. M ə h ə m m ə d a ğ a. Həqiqətmi?! Ö m ə r. Həqiqət. Bir saatdan sonra gələcəklər. Mən özüm qabaqca gəldim ki, evi tədarük edim. M ə h ə m m ə d a ğ a. Bəs söhbət ediniz görək, iş nə yerdə qurtardı? Burda səs düşmüşdü ki, guya Sibirə göndərəcəklər. Ö m ə r. Qurtarmaqları belə oldu ki, naçalnikdən çox təvəqqe etdim bu səfər buraxsın. Bundan sonra söz verdim ki, atam-anam və özüm onunla bilmərrə əlaqəmizi kəsirik. Əlimdən kağız alıb dedi ki, "hərgah qeyrisi olsaydı, yəqinki, Sibirə getmişdi; çünki qanun qaçağa kömək edəni ağır tənbeh edir". M ə h ə m m ə d a ğ a. Onu doğru deyir. Ö m ə r. Xülasə, bu barədə söhbətimiz çox oldu və axırda dedi ki, "sizin mərifətinizə ümidvaram ki, zakonun bərəksinə getməzsiniz. Bu barədə sizin onlardan qanacaqlı olmağınıza şəkkim yoxdur. İnşaallah, işi bir tövrliklə görərsiniz ki, nə sizə və nə sizin ata və ananıza yamanlıq olmasın". Dəxi nə deyim? Özünüz bilirsiniz ki, dil və zakon bilmək belə ittifaqlarda iş görür. M ə h ə m m ə d a ğ a. Amma onu da yəqin ediniz, hərgah bu iş bir də təkrar olunsa, dəxi qurtarmaq qeyri-mümkündür. Ona görə lazımdır ki, işinizdə həməvaxt ehtiyatlı olasınız, qardaşınız Vəli ilə gərəkdir bilmərrə əlaqənizi üzəsiniz. Ö m ə r. Əlbəttə, gərəkdir elə ola. Vallah, mən dəxi bundan sonra işə qarışmayacağam. Belə şey olmaz ki, bir adamın ağlının səbəbindən bu qədər adam puç ola. Doğrudur, qardaş şirin olar və onun pis günü mənimdir. Amma nə etməli ki, avamlıq, tərbiyəsizlik, bimərifətlik gözlərini kor və ürəyini daş edibdir, bilmərrə insan cərgəsindən çıxıbdır. M ə h ə m m ə d a ğ a. Ay sağ olmuş! Bir bu deyil ki, bizim müsəlmanın çoxu belədir. Ö m ə r. Xeyr, bunun tək mən görməmişəm. Zira ki, bir qardaş ki öz qardaşının ölməyinə qəsd edə, ondan əskik, ondan biinsaf adam olarmı? M ə h ə m m ə d a ğ a. Nə söyləyirsiniz? (Ayağa durub Ömərin əlindən tutur və təəccüb edir.) Necə? Qardaşınız sizincanınıza qəsd edir? Ö m ə r. Bəs görükür bilmirsiniz. (Başını yerə tutur.) M ə h ə m m ə d a ğ a. Xəbərim yoxdur. Ö m ə r. Yaxşı ki, xəbəriniz yoxdur. Hərgah bilsəniz, yəqin qanınız xarab olar. M ə h ə m m ə d a ğ a. Siz mənim canım, deyiniz görüm, nə olubdur? Ö m ə r (üzünü özgə tərəfə tutur). Doğrusu, mənim eybimə gəlir deyəm. M ə h ə m m ə d a ğ a (Öməri tutur). Xeyr, gərək deyəsiniz görüm nə ittifaq düşübdür? Ö m ə r. Nə? (Fikrə gedir.) Məni?... Ah ,.. Allah!.... (Fikrə gedir və başını əli ilə tutur.) Məni qardaşım....öldürmək istəyir.... (yerə baxır.) M ə h ə m m ə d a ğ a (təəccüblə). Nə deyirsiniz? Belə şey olmaz! (Tərəfə.) Mən belə şeyə inanmıram. Ö m ə r. İnanmırsınız? Bizim gədədən sual ediniz. M ə h ə m m ə d a ğ a. Gədə hardan bilir? Ö m ə r. Yoldaşları ilə bu gün buraya gəlibmişlər. Hənuz bu qəsd ilə ki, məni evdə tapıb öldürsünlər. M ə h ə m m ə d a ğ a. Buraya gəlibmişlər?! (Təəccüb edir.) Pərvərdigara! (üzünü xalqa tutur.) Gör, insan da bu məqamaçatarmış!... Ya rəbb! Görəsən, bundan da yaman dəhşətli zəmanə olacaqdırmı? Ö m ə r (Məhəmməd ağanın yanına gəlir). Mən bir cana borcluyam; özümdən fikir etmirəm. Ancaq mənim heyfim atama, anama gəlir ki, məndən sonra sağ qalsalar, hər divanənin ucundan böyük bəlalara giriftar olacaqlar. M ə h ə m m ə d a ğ a (hirslənir). Onların borcudur yaman günlər görmək, zira ki, bunun bu tövr insafsız hərəkətlərinə səbəb ata və ananın tərbiyəsidir. Ö m ə r. Doğru buyurursunuz. Oğulun yaxşı, pis olmağı ata və ananın tərbiyəsinə bağlıdır. Amma bunlarda da günah yoxdur. Çünki onların qanacaqlarına görə tərbiyə belə lazımdır. Mənim fikrimcə, günah bir mənim ata və anamda deyil, bəlkə müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insana ən lazım olan qanunları buraxıb, cüzvi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir halda bulunur. Bu tövr bədbəxtlik hər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar. M ə h ə m m ə d a ğ a. Bircə deyin görüm, nə səbəb Vəli sizinlə ədavət başlayıbdır. Ö m ə r. Mənimlə ədavətinin səbəbi odur ki, onun düşmənini mən öldürmürəm. Bu barədə də kərrat ilə mənə sifarişgöndəribdir. Amma mən cavab vermişəm ki, mən heyvan deyiləm. (Əyləşir.) M ə h ə m m ə d a ğ a (tərəfə). Gəl bundan sonra insana inan! Bir ata-ananın balası belə ədavət başlayanda, dəxi yadların işlərinə nə üçün təəccüb edirik? (Gəlib Ömərin əlindən tutur.) Salamat qalınız! Doğrusu, artıq qalıb belə sözlər eşidib, qanımı xarab etmək istəmirəm. Ö m ə r (ayağa durur). Məhəmməd ağa! Bir az dayanınız. İndicə ola ki, onlar da gələlər. Mən də təkəm, əyləşiniz, bir az söhbət edək. Heç hirslənməyin, bunlar hamısı keçər gedər. M ə h ə m m ə d a ğ a (əyləşir). Axı, mən necə hirslənməyim ki, gözüm görə-görə insan heyvan dərəcəsinə çatıbdır. Ö m ə r. Zərər yoxdur. Məşhur məsəldir deyirlər: "yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər". İndi mən də əlimdən gəldiyi yaxşılığı edəcəyəm. H a c ı A b d u l l a n ı n s ə s i. Ay Əhməd! Ay Əhməd! Ö m ə p. Gəldilər. (Ayağa durur.) Siz əyləşin, mən gedim yerbəyer edim. (Dişqarı çıxır.) M ə h ə m m ə d a ğ a (ayağa durur). Həqiqət, Ömər mənim heyfimə gəlir. Özü nəhayətdə qanacaqlı, mərifətli oğlandır. Doğrudur, Ömərin başına bir iş gəlsə, biçarə qocalar tövrbətövr bəlalara giriftar olacaqlar. (Fikrə gedir.) ALTINCI GƏLİŞ Hacı Abdulla, Ömər və Məhəmməd ağa. M ə h ə m m ə d a ğ a (geri dönüb Hacının qabağına gedir). Allaha şükür olsun ki, sağ və salamat evə gəlib çıxdınız! (Baş əyib əlini verir.) H a c ı A b d u l l a. Çox sağ ol! Oğulun bəlasını ata-ana gərəkdir çəksin. (Əyləşir. Ömər qapının yanında durur.) M ə h ə m m ə d a ğ a (tərəfə). Başına dəyibdir, ləzzətini görübdür. (Hacıya tərəf.) İnşaallah ki, bundan sonra başınız belə bəlalar görməz! H a c ı A b d u l l a. İnşaallah! (Ömərə.) Get gör, anan hərgah dərman istəsə, ya gədəni göndər, yainki özün get. (Ömər çıxır.) M ə h ə m m ə d a ğ a. Xeyir ola, nə olubdur ki? H a c ı A b d u l l a. Özün bilmirsənmi, arvad xeylağının qazamata tabı olmaz? Bir az azarlı kimidir. M ə h ə m m ə d a ğ a. İnşaallah. Heç şey olmaz. YEDDİNCİ GƏLİŞ Niyazəli, Qurbanəli, Ağakişi, Hacı Abdulla və Məhəmməd ağa. N i y a z ə l i, Q u r b a n ə l i, A ğ a k i ş i. Salaməleyküm, a Hacı! N i y a z ə l i. Gözümüz aydın, a Hacı! Allah-taala genə sağ-salamat qurtardı! Q u r b a n ə l i. Görükür, allahın şafqatı keçibmiş! A ğ a k i ş i. Ay sağ olmuşlar! Bunları həmişəlik tutmamışdılar ki, ancaq aparmışdılar ki, Vəli ələ düşə. Naçalnik gördü ki, belə şeynən ələ gələn deyil, buraxdı. H a c ı A b d u l l a. Yox, elə deyil, bizim işimiz lap katericni dalı da pasılyan kəsilirmiş, çünki naçalnikə xəbər verirlər ki, guya Vəli gecələr bizdə yatır. Allah Ömərin işinə varsın, ərizəynən, şahidnən bizi bir tövr qurtardı. M ə h ə m m ə d a ğ a. Naçalnik özü sizinlə danışdımı? H a c ı A b d u l l a. Necə ki! Gələndə bizi öz yanına aparıb nəsihət verdi və dedi ki, "onu yəqin bilin ki, Ömərin xatirəsinə buraxıram; çünki Ömər, ümidvaram ki, zakona bərəks getməz və sizi pis yoldan daşındırar". N i y a z ə l i (tərəfə). Gör sən allah, işə bax! Atanı oğula tapşırır! A ğ a k i ş i. Görükür rusca bilməyinə, sözü də ötgündür. Q u r b a n ə l i. Elə olacaq, elə.... M ə h ə m m ə d a ğ a. Yaxşı ki, indi bunu başa düşürsünüz. H a c ı A b d u l l a. Ay Əhməd! Ə h m ə d (eşikdən). Bəli!.... (İçəri daxil olur.) SƏKKİZİNCİ GƏLİŞ Əhməd, əvvəlkilər Ömərdən başqa. H a c ı A b d u l l a. Ömər evdədimi? Ə h m ə d. Xeyr, getdi dərman almağa. H a c ı A b d u l l a. Yaxşı, get! (Fikrə gedir.) Allah düşmanıma da qazamatı göstərməsin. A kişi, tək olsan, genə yaxşıdı, Yetər də bir yandan! A ğ a k i ş i. Yaxşı, indi bəs Vəlinin barəsində nə fikir eliyirsiz?N i y a z ə l i. Nə eliyəcək? Öz kefinə gəzir, qoy gəzsin. H a c ı A b d u l l a. Ömər deyir, qoy tutulsun. Ondan ötəri ki, naçalnik deyib ki, "hərgah özü tutulsa, ola bilər ki, az tənbeh oluna". Və deyir: "Biz özümüz də arxayın olarıq". Mən də fikir eliyirəm, görürəm, doğrudur. A ğ a k i ş i. Allahı sevirsən, qoy görək! Xalqın yanında hörmətin var, onu da istəyirsən puçmu eliyəsən? N i y a z ə l i. Elə də şey olarmı ki, gözün görə-görə oğlunu aparıb qazamata salalar! Q u r b a n ə l i. A Hacı, ağlını uşaq ağlına vermə, hörmətin itər gedər. M ə h ə m m ə d a ğ a (tərəfə). Sizi görüm hörmətdən düşəsiniz, inşaallah! DOQQUZUNCU GƏLİŞ Eşikdə birdən tüfəng açılıb qilu-qal düşür. Səs gəlir: "Kim vurdu? Kim vurdu?" Xalq bir-birinə qarışır. Hacı Abdulla və Məhəmməd ağa dişqarı qaçırlar. Yetər ağlayır. Öməri əllərində içəri gətirirlər. Hacı Abdulla başına vurur. Öməri yerə qoyurlar, qeyriləri deyirlər: "Heyf sənə, cavan oğlan!" Məhəmməd ağa Ömərin başının üstə durub, başını sığal edir. Xalq səs salır. Eşikdən səs gəlir, Hacı özünü itirir. M ə h ə m m ə d a ğ a. Allahı sevirsiniz, səs salmayın! (Ömər gözlərini açıb-yumur, yavaşdan danışır.) Qoyun görək, nə deyir! Ö m ə r. Mənim əzizim Məhəmməd ağa, mən dünyadan gedirəm. H a c ı A b d u l l a (başına vurur). Anasına deyin gəlsin. M ə h ə m m ə d a ğ a. Bircə təvəqqe edirəm, səs salmayın! (Hamı xamuş olur.) Qardaş, Ömər, kim vurdu? Ö m ə r. Özün ... bilir ... sən!.... (Səs gəlir.) M ə h ə m m ə d a ğ a. Ş ... ş.... Qardaş! Necə özün bilirsən? Əməlli danış. Allaha şükür, səndə bir şey yoxdur. Danış, söylə, rahat ol və vəsiyyət elə. Atan, anan yazıqdırlar. H a c ı A b d u l l a. Doğru deyirsən, bircə qoy vəsiyyət eləsin görək, kim güllələdi? M ə h ə m m ə d a ğ a. Bircə siz aram olun! Qardaş!... Ömər!... Səni mənə dediyin adammı güllələdi? Ö m ə r (başını bulayır). Xeyr!... Məni ... nadanlıq ... avamlıq ... bi ... mərifətlik güllələdi. Bunlar hamısı.... (Tərpənir.) Ah!... Adamı ... heyvan edərmiş! Ah! Nadanlıq!... M ə h ə m m ə d a ğ a. Dəxi nəfəsi gəlmir. (Gözlərini və ağzını örtür.) PƏRDƏ * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-nadanliq İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.