Şamdan bəy Nəriman Nərimanov (1870–1925) Şamdan bəy ƏFRADİ-ƏHLİ-MƏCLİS Y u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında. Q u l u-- Yusifin nökəri. X ə d i c ə-- Yusifin nişanlısı, 19 yaşında. H a c ı İ b r a h i m-- Xədicənin atası, 40 yaşında. N i g a r-- onun övrəti, 50 yaşında. N a z l ı-- onun qulluqçusu, 20 yaşında. N i y a z b ə y-- Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında. Ş a m d a n b ə y-- Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun. S u l t a n, M u r a d, R ə s u l-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında. R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f b ə y-- Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında,çərkəzi libasında. C ə f ə r-- Hacı İbrahimin nökəri. P ə r z a d q a r ı-- qoca övrət, 50 yaşında. * * * Birinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Yusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar. Y u s i f. Açım kağızı, görüm mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazıbdır? (Oxuyur.) "Rəfiqi-mehribanım Yusif! Xeyli vaxtdır səninlə ayrılıb didarına həsrət qalmışam. Amma indi ümid edirəm ki, səninlə görüşəm. Ah! Nə xoşbəxt olardım bu yavuq vaxtda səninlə bir otaqda oturub keçən günlərdən söhbət edəydim! Məlum ola ki, bu ayın axırınadək səninlə görüşəcəyəm. Salamat qal! Şamdan". (Kağızı mizin üstünə qoyur, sonra üzünü xalqa tutub.) Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! Həqiqət, bu yaxşı şeydir! Yaxşı yoldaş dar gündə lazım olar. On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi gərək ki, surəti də təğyir tapıbdır. (Kağızı götürüb yenə oxuyur.) Bunun yazmağına görə gərək bu günlərdə buraya gəlsin. (Durub qapıya tərəf gedir və Qulunu çağırır.) Qulu! İKİNCİ GƏLİŞ Qulu və Yusif. Q u l u. Nə buyurursunuz? Y u s i f. Bu saat o yan otağı (əli ilə göstərir) təmiz edərsən və hazırlarsan; çünki bu günlərdə bizə qonaq gələcəkdir. Q u l u. Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. Y u s i f. Necə şey? Bir taxt qoyarsan və yorğan-döşək hazır edərsən. Q u l u. Ağa! Artıq yorğan-deşəyimiz yoxdur. (Yusif fikrə gedir.) Y u s i f. Yaxşı, sən get. Mən bir az fikir edim. (Qulu dişqarı çıxır. Yusif bir az fikirdən sonra.) Həqiqət, Şamdan çox pis vaxtda gəlir: heç şey hazır deyil. Nə yorğan var, nə döşək, nə də balış və nə də pul vardır ki, bunların hamısını alam.... Ah!... (Fikrə gedir.) Hamısından yaxşı öz yorğan-döşəyimi ona verim, mən necə olsa dolanaram. (Bir az fikirdən sonra Qulunu çağırır.) Qulu! Ay Qulu! ÜÇÜNCÜ GƏLİŞ Qulu daxil olur. Yusif və Qulu. Q u l u. Bəli! Y u s i f. Get mənim yorğan-döşəyimi yan otağa apar. Q u l u. Ağa, bəs sən? Y u s i f. Mən yola gedərəm. Mənim üçün bir yaz yorğanı qoy.... Xülasə, elə olsun ki, Şamdan dostumun yanında xəcalət çəkməyim. Dəxi sən öz işinə məşğul ol. Mən gedirəm, hər kəs məni sual etsə, de ki, bu saat gələr. (Yusif geyinib dişqarı çıxır). Q u l u (tək, evi səliqəyə salır və öz-özü ilə danışır). Mənim ağamın işlərinə təəccüb qalmalıdır. Bu vaxtadək qulluq edibdir, amma bir şeyi yoxdur. Özgələrin evinə gedirsən, bir küncdə divan, bir yanda stollar və stullar, divarlarda xalılar və şəkillər, dörd dəst yorğan-döşək. Xülasə, adam istəməyir ki, evdən dişqarı çıxsın. Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar, bununla belə padşah kimi dolanacaqları vardır, amma bizim ... çörək yeməyə qabımız da yoxdur. Ev şeyləri lazım olduqca qonşulardan gətirməkdən, doğrusu, bezar olmuşam. Axırda elə olar ki, qonşular da verməzlər, onda görək nə edəcəyik. Neçə kərə demişəm ki, yoldaşlara az xərc et, adam gərək son gününün dərdinə qala. Hər deyəndə sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gərəkdir bir-biri ilə dostluq etsin. Pulu yığıb öləndə özüm ilə aparmayacağam ki". Doğrudur, amma insan gərək hər şeyi yolunda eləsin. Bu dünyaya ümid bağlamaq olmaz. İnsanı bu dünyada pul ilə istəyirlər. Bəli, hələ cahıldır, pis günlər görməyibdir. Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, yüz min xətalar. Kim bilir gələcəkdə nə olacaqdır?.... Ondan savayı, Yusif ağıllı cahıllardan biridir. Nə üçün gərək fikir eləməsin ki, bu gün-sabah toy edəcək, görək toyu nə ilə edəcək? Pulu vardırmı? Xülasə, nə deyim. Bu zəmanənin cahıllarının işlərini anlamaq çətindir. Vallah, özgəsi olsaydı, mən bir gün də burada dayanmazdım. Amma nə fayda ki, Yusifi çox istəyirəm, mənimlə nəhayətdə mehriban dolanır. Məndən olsa, ömrümün axırınadək ona qulluq edərəm. Əzbəs ki, onun xasiyyəti və mehribançılığı məni özünə qul edibdir. Belə adamın bir parça çörəyi mənim üçün qeyrilərindən çox-çox yaxşıdır. Onu da yaxşı bilirəm ki, o da məni çox istəyir. (Kitabları düzəldir, dişqarıdan səs gəlir.) Gərək ki, gələn odur. Y u s i f (otağa daxil olub başlayır hirsli gəzməyə). Ah!.... (Qulu ona baxır.) Q u l u. Allaha şükür ağa, nə olubdur ki, hirslənibsən? Y u s i f. Heç.... Bir az ... pul lazım idi.... Tapa bilmədim.... Q u l u. Nə qədər lazımdır? Y u s i f. Beş-altı manat. Q u l u. Onun fikrini etmə. Mənə verdiyin məvacibdən qalır. (Əlini cibinə salıb pul çıxardır.) Buyur. Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sən heç darıxma, ancaq bu ayı döz, ondan sonra mənim əlimə bir yerdən pul gələcəkdir. Onda sən nə desən ona əməl edərəm. İndi sən get işinə məşğul ol. (Qulu dişqarı çıxır.) Y u s i f (tək). Yaxşı ki, Qulu mənə köməklik etdi. Yoxsa ki, Şamdan dostumun yanında xəcalət çəkəcəkdim. (Durub gəzinir.) DÖRDÜNCÜ GƏLİŞ Sultan, Murad, Rəsul içəri daxil olurlar. H a m ı s ı. Salaməleyküm! Y u s i f (qarşılarına gedib). Ay əleyküməssalam, qardaşlar! Əyləşiniz. (Əli ilə stul göstərir. Hər biri bir stul, götürüb əyləşirlər.) S u l t a n. Bu gün bazardan keçərkən Qulu rast gəlib sənin əhvalını sual etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu? Y u s i f. Bəli, doğrudur. M u r a d. Hərgah sizin evinizdə darlıq etsə, olmazmı ki, bizə düşə? R ə s u l. Doğru deyir, Muradgilə düşsün. Allaha şükür, otaqları boldur. S u l t a n. Muradgil bəlkə bir az uzaq ola. Onda qoyun, bizə düşsün. Y u s i f. Heç zəhmət çəkməyin. Hamınızdan artıq dərəcədə razıyam. Ancaq iraq qonaq olsa, əlbəttə, layiq deyil belə nizamsız evdə saxlamaq. İş buradadır ki, gələn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdə olmuşuq. O məni tanıyır, mən onu. Bir-birimizdən gizlin işimiz olmaz. Mənim bu nizamsız evim ona çox xoş gələr. Özü yaxşı oğlanların biridir. İnşaallah gələr, görərsiniz. S u l t a n. Görünür ki, yaxşı oğlandır; çünki o məclis olmuyubdur ki, onu yada salmayasınız. M u r a d (evə nəzər yetirir). Təəccüb edirəm, bu neçə ildə burada necə dolanırsınız. (Yusifə tərəf.) O pul ki burada sizdən çıxır, o qiymətə yaxşı otaqlar tutmaq olar. R ə s u l. Ay, ay! Yusifin burada olmağının səbəbi çoxdur. Y u s i f. Yaxşı dediniz. S u l t a n. Bəli, şair deyir: "Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz...." M u r a d. A! İndi anladım! Y u s i f. Həqiqət, onu Sultan doğru deyir. S u l t a n. Tez olun görək, toyunuzu edək, bir az kef çəkək. R ə s u l və M u r a d. Yaxşı dedin, vallah. Y u s i f. Mən razıyam, günü bu gün olsun. Amma nə fayda ki, atası deyir: "Bir az səbir etmək lazımdır". M u r a d. Xoşbəxtlik buradadır ki, qız da Yusifi istəyir. S u l t a n. Nəinki istəyir və hətta dəli-divanədir. (Yusifə nəzər yetirir.) Y u s i f. Çox da elə yox. Ancaq sizi özümə yavuq dostlardan bilib deyirəm ki, qız həqiqət istəyir və bir neçə dəfə özü iləsöhbət etmişik. Ağıllı, kamallı, həqiqət, insanı valeh edir. R ə s u l. Bunun ağıl-kamalının çox olmağına səbəb nədir? S u l t a n. Əlbəttə, oxumaq.... M u r a d. Tərbiyə. Y u s i f. Doğru dediniz, tərbiyə dəxi şərtdəndir. (Murada baxır.) S u l t a n. Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun.... M u r a d və R ə s u l. Haqdır. BEŞİNCİ GƏLİŞ Qapı açılıb Şamdan bəy yol paltarında içəri daxil olur. Y u s i f (ayağa durur). A! Sən gəlibsən, mənim əzizim! (Bir-birini öpürlər.) Səni biz çoxdan gözlüyürdük. Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gəlib bizə düşmüşdü. Y u s i f (qonaqları göstərir). Bu yoldaşlarım ilə də aşna olsan! (Şamdanı göstərib.) Bu hənuz qonaqdır ki, mən gözlüyürdüm! H a m ı s ı (durub əl verirlər.) Çox əcəb! Çox gözəl! (Hər kəs öz yerində əyləşir.) S u l t a n. Bəli, çox yaxşı oldu ki, bizim şəhərə buyurdunuz. (Şamdana tərəf.) İnşallah, bu şəhərin bir neçə qəribə şeylərini görüb gəlməyinizdən narazı qalmazsınız. Ş a m d a n. Həqiqət, şəhərin barəsində çox oxuyub və çox eşitmişəm. Və amma oxumaq və eşitməklə insan rahatlanmaz, gərəkdir gözlə hər şeyi görüb hiss etmək. Buna görədir ki, neçə illərdi buraya gəlmək arzusunda idim. Və axırda iş belə oldu ki, sizin və mənim rəfiqim Yusif (əli ilə göstərir) yoldaşlıq şərtini yerinə yetirib burada qulluq tapıb və öz qulluğumu buraxıb buraya gəldim. Və Yusifin məktublarında həmişə siz cənabların xahişinə mən buraya gələm, oxuyur idim. Xülasə, xuda ömür versə, sizə qulluq etməyə mən də borcluyam. H a m ı s ı. Biz həmişə sizin qulluğunuzda hazır varıq. M u r a d. Hərçənd sizi görməmişdiksə də, amma Yusif sizdən o qədər danışıbdır ki, həqiqət, uzaqdan-uzağa məhəbbət bağlamışdıq. R ə s u l. Həqiqət, elədir. Ş a m d a n (baş əyir). Çox məmnunam! Y u s i f. Bağışlayın, siz söhbətə məşğul olun, mən dəxi bir neçə şey lazımdır hazır edim. (Deyib dişqarı çıxır.) S u l t a n. Siz öz işinizdə olun. Bizdə də o qədər qüvvə olar ki, qonağımızı qoymarıq qəmgin olsun. (Hamı gülür.) Ş a m d a n (baş əyir). Çox razıyam! Qəzetlərdə yazılan əxbara görə məlum olur ki, bu şəhərin müsəlmanları alış-verişlə çox tərəqti ediblər və ona görə də deyirlər, guya burada olan dövlət Zaqafqaziyanın heç yerində yoxdur. M y r a d. Bəli, elədir.... Fəqət nə xeyri? Ş a m d a n. Necə ki? S u l t a n. Murad cəmiyyəti-xeyriyyəni nəzərdə tutub bu sözü deyir. R ə s u l. Aşkar deməli, pulları çoxdur, amma millətə xeyirləri az. Ş a m d a n. Bəli, indi anladım. Hənuz buyurduğunuz sözləri mən neçə dəfələrlə "Tərcüman" qəzetəsində oxumuşam və mən dəxi bu barədə öz yerimizdə neçə dəfələrlə camaata demişəm və bir neçəsi dəxi sözümü eşidib Şirvanda dördəcən məktəb açdırmışam. (Yusif içəri daxil olub Qulu ilə stolu hazır edirlər.) Və lazımdır ki, siz də burada bu barədə bir iş görəsiniz. Y u s i f (əyləşir). Bəli, insan ancaq dövlətlə bəxt qazana bilməz. Xoşbəxt olmaq üçün mədəniyyət dəxi lazımdır, o da ki, bizim müsəlmanda yoxdur. M u r a d. Şamdan bəy! Eyib olmasın, bağışlayın, bir şey sual edəcəyəm: evlisiniz, ya yox? Ş a m d a n. Xeyr və heç fikrimdə yoxdur evlənmək.... S u l t a n. Səbəb? R ə s u l. Görünür, istəyirsiniz ömrünüz azadlıqla keçsin. Ş a m d a n. Xeyr, ondan savayı mən doğrusu, alsam, oxumuş qız alacağam. O da ki, hələ bizim müsəlman arasında çox az tapılar. Hərgah, həqiqət, bu səbəb olmasaydı, mən indi çoxdan evlənmişdim. Çünki çox qızlar mənim səbəbimə bədbəxt olublar. M u r a d. Necə ki? Ş a m d a n. Doğrusunu demək, bilmirəm məndə nə görüblər ki (bığını burur), görən kimi mənə aşiq olurlar. Mən də almaq istəməyib, görürsən özlərini biçaralər həlak edirlər. H a m ı s ı. Bəli, mümkündür! (Stol hazır olub qəhvə ortalığa gəlir.) Y u s i f. Zəhmət çəkib buyurasınız, qəhvə içək. (Hamı durub mizin ətrafında əyləşir.) M u r a d. Bəli, oxumuş övrət çox yaxşıdır, amma həqiqət, məhəbbətsiz də evlənmək bir şey deyil. Ş a m d a n. Bizlərdə iki tərəfdən məhəbbət çətin tapılar. Çünki bizim adətdə övrət kişiyə görünmək yoxdur. (Qəhvə içib qurtarırlar.) Y u s i f (gəlir, ikinci dəfə qəhvə təklif edir). Ah! Ah! (Hamı Yusifə diqqət ilə baxır.). M u r a d. Bu barədə Yusif özünü xoşbəxt hesab edə bilər. Ş a m d a n. Necə ki? S u l t a n (Şamdana tərəf). Siz buyurduğunuz şərtlər hamısı Yusifdə vardır. R ə s u l. Bəli, həmi oxumuş, həmi məhəbbət.... Ş a m d a n. Yusif! Həqiqət necə ki, eşitmişəm və indi də ki, rəfiqlərin deyirlər, sənə insanın paxıllığı tutar. M u r a d. Xudavəndi-aləm elə eləsin ki, bu iş tezliklə başa gəlsin. H a m ı s ı. İnşaallah! İnşaallah! Y u s i f. Təşəkkür edirəm! (Qəhvə təklif edir.) Buyurunuz. H a m ı s ı. Xeyr, dəxi zəhmət çəkməyin. (Qulu stəkanları yığışdırır.) S u l t a n (yoldaşlarına tərəf). Dəxi biz gedək. Şamdan bəy də yoldan gəlib yorğundur, bir az yatıb dincini alsın. (Hamı--Murad, Sultan, Rəsul durub əl verib çıxmaq istəyirlər.) Ş a m d a n. Siz məndən arxayın olun; mən çox da yatmaq sevmiyirəm. Bu gün dörd gündür mən yuxusuzam. Çünki gələn gündən bir az müqəddəm bizim şəhərə Tiflisdən gürcü knyazları ki, mənim ilə əvvəldən dostluğumuz var, gəlmişdilər. Onlar ilə dörd gün-dörd gecə ov eləmişik.... H a m ı s ı. Bəli, bəli, bədənin salamatlığındandır. (Baş əyib dişqarı çıxırlar.) Salamat qalın! Ş a m d a n və Y u s i f. Xoş gəldiniz! Y u s i f. Əzizim! Get otağa, bir az dincini al. Ş a m d a n. Çox gözəl. (Gedir.) Y u s i f (tək). Həqiqət, çox xoşbəxtlikdir ki, ürəyin istəyən dostu qonaq saxlayıb bacardığın hörməti ona eyləyəsən. Hərçənd məndə o qədər qüvvə yoxdur ki, Şamdana layiqincə hörmət edim. Amma eybi yoxdur, Şamdan elə yoldaş deyil ki, mənə çox da diqqət tuta. Özü bilir ki, mən bir dərviş adamam. ALTINCI GƏLİŞ Qulu və Yusif. Q u l u. Ağa! Pərzad qarı gəlib səni görmək istəyir. Y u s i f. De gəlsin. (Qulu dişqarı çıxır və Pərzad içəri daxil olur.) YEDDİNCİ GƏLİŞ Yusif və Pərzad. P ə r z a d. Salaməleyküm, Yusif bəy! Y u si f. Xoş gəlibsən, Pərzad nənə. Əyləş. (Stul göstərir.) P ə r z a d. Zəhmət çəkmə, mənim dədəm-babam stul üstə əyləşməyiblər. Mən yerdə oturacağam. (Yerdə əyləşir.) Y u s i f (gülə-gülə). Hə ... hə... yaxşı, yaxşı! Əyləş görək nə var, nə yox? Təzə xəbərdən-zaddan? P ə r z a d. Təzə xəbər-zad yoxdu. Ancaq yoldan gedirdim yadıma düşdü ki, səndən soruşum görüm, axı işi nə yerdə qoydun? Y u s i f. Necə iş? P ə r z a d. Necə ki, necə iş? Toyu deyirəm da.... Y u s i f. Toy hələ qalıbdır. Qızın atası-anası bu gün-sabaha qoyurlar. Görək nə tövr olacaqdır. P ə r z a d. Pəh, pəh, pəh! Ölmə eşşəyim ölmə, yaz açılar yonca bitər!.... (Əlini oynadır.) Səndən görürəm, toy eləyən olmayacaq. Y u s i f. Necə olmayacaqdır ki, gecə-gündüz toyun fikrini çəkirəm. Amma nə edim ki, deyirlər hələ səbir et.... P ə r z a d. Onlar hamısı sözdü. Belə bilirəm qızı dəxi sənə vermək istəmirlər. Ondan ötəri ki, qızı çox dövlətliləristəyirlər. Y u s i f. Onlar boş işdir. Bu ara sözüdür və belə sözlərə inanma. P ə r z a d. Genə sənə versəydilər, mən də bir parça çörək yiyəsi olardım. Heç olmasa toyda bir az pul yığardım. Görəsən hansı iraq adama verəcəklər. Xeyri də özgələr görəcək.... (Fikrə gedir.) Sən bilirəm, ay Yusif bəy, ona arxayın olubsan ki, qız səni sevir, amma sənin öz canın üçün inanma. Qızı da yoldan çıxardarlar. Y u s i f. Kim çıxardacaq? P ə r z a d. Mənim kimi küpəgirən qarı azdımı? Vallah elə cadu-pitilər qayırarlar ki, qızı yatdığı yerdə gecə vaxtıgətirərlər.... Y u s i f (gülə-gülə). Hə ... hə ... hə .... Nə edək! Qoy etsinlər. Sən ki, allaha şükür, sağsan. Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. P ə r z a d. Ah! Keçəl dərman bilsə, öz başına sürtər. Mən hərgah dərman bilsəydim özümə elərdim ki, belə tez qocalmıyam.... Y u s i f. Pərzad nənə, qocalıq məgər pis şeydirmi? P ə r z a d. Ah, allah kəssin belə şeyi! Qocalıqdan yaman şey yoxdur, ay balam! Sözünə nə gəlin qulaq asır, nə oğul, nə nəvə. Bir parça çörək hərdənbir versələr verirlər, verməsələr gərək ağzı möhürlü oturasan. Elə ki, bir az dindin, deyirlər: "Qoca köpək, dinmə, səsini kəs". Bunlar hamısı da oğuldan keçir. Mənim oğlumu görürsənmi, arvadına bir söz deyə bilməz. Ancaq acığı tutanda ağzına gələni mənə deyir. Belə oğulun başına at torbası keçirim. (Bərkdən.) Y u s i f. Pərzad nənə, görükür, oğlun övrətini çox istəyir. P ə r z a d. Çox istəyir dedin, qoydun. Bir gün olmaz ki, əliboş gəlsin: bir gün tumanlıq alır, bir gün köynəklik alır, bir gün nə bilim, başına yaylıq alır. Mən yazıq qalıram baxa-baxa. Üç ildir bircə don alıb, indi də gəlinim ağzını açanda deyir ki, "anam, donu belə tez xarab eləmək olmaz ki? Ərim yazıq deyilmi?" (Ağlayır.) Nə bilim, vallah, cavablarını bir pərvərdigar versin. Xoş sənin ananın halına ki, allahın rəhmətinə gedibdir, gəlin üzü görməyibdir. Y u s i f. Pərzad nənə, sən elə bilirsən hamı oğullar səninki kimi olur? P ə r z a d. Elə demə, arvad alandan sonra sənə deyərəm. Sənin canın üçün Yusif bəy, arvad xeylağı elə şeytan olurlar ki, kişini bir öpüşlə aldadırlar. Y u s i f (tərəfə). Özü də şeytan oldu! Ay Pərzad nənə, sən özün sən allah, gəlin olanda qaynananla necə dolanıbsan? P ə r z a d. Mənim işim özgə. Ondan ötəri ki, mənim qaynanamın ağzı çox yava idi. Harada oturardı deyərdi ki, "mənim gəlinim yox olsun". Ondan ötəri ki, atası evinə çörək-zad göndərəndə həmişə ərimə deyərdim. O da onun üzünü danlardı. Doğrusu, elə vaxt da olub ki, iki-üç gün onu ac qoymuşam.... Y u s i f (tərəfə). Hə ... hə.... Nə tökərsən aşına, o da gələr qaşığına. (Dişqarıda övrət səsi gəlir, Pərzadı çağırır.) P ə r z a d ı n g ə l i n i. Ay əmidostu! U!.... P ə r z a d (tez ajağa durur). Gördün hələ, boynu qırılmış gəlinimin səsidir, tumanını çəkə-çəkə gəlib məni tapıb. (Gedup.) Salamat qal, Yusif bəy! Y u s i f (dalınca gedə-gedə). Xoş gəldin! PƏRDƏ * * * İkinci məclis ƏVVƏLİNCİ GƏLİŞ Hacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək. X ə d i c ə. Pərvərdigara! Nə vaxtadək mən qanlı yaşlar tökəcəyəm! (Üzünü yuxarı tutur.) Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? Ya rəbb! Görəsən məhəbbətdən qüvvətli şey olarmı? Qaranlıq gecələri aydın göstərən, insanı ay və ulduz ilə danışdıran məhəbbət deyilmi? Ya rəbb! Mən bədbəxt bir şəxsin oduna yanım, rəvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdən əli ilə başını tutur və bərkdən.) Uf!.... Nə yaman fikirdi mənim başıma gəldi! (Gah gəzinir, gah dayanıb durur.) Bəyəm məhəbbət ondan ötəridir ki, illərlə bəslədiyin gözəl fikirlər axırda bir dəqiqənin ərzində puç ola? Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm. Əlbəttə, hərgah məhəbbət ancaq mənim tərəfimdən olsaydı, mümkün olardı ki, bu iş başa gəlməyə. Amma mənim yəqinimdir ki, Yusifin mənə məhəbbəti mənimkindən az deyil. Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. (Fikrə gedir.) Görüm, ya rəbb, nə vaxt yarımla görüşəcəyəm?! (Fikrə gedir.) Yusiflə görüşməyi hərdəm yada salıb ruhum təzələnir.... (Fikrə gedir.) Ah, bu qədər səbir etmək olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifə desin ki, mən onunla görüşmək istəyirəm. O vaxt açıb ürəyimin dərdini ona deyərəm. Yusif insafa gəlib işi təxirə salmaz. (Gedib Nazlını dişqarıdan səsləyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.) İKİNCİ GƏLİŞ X ə d i c ə (Nazlının əlindən tutub). Nazlı! Mənim dərdim günü-gündən artır və özün də bilirsən ki, səbəbi nədir. Səni özümə başdan yavuq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. İndi özün bil. Bundan artıq dəxi dayana bilmirəm. (Ağlayır.) N a z l ı. Nə var, xanım Xədicə! Nə olubdu? (Xədicə ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nə olubdu? Göz yaşını nə üçün tökürsən? Xəd i c ə. Of.... Sən allah yaramı təzələmə, tabım yoxdur. təzədən açıb sənə ürəyimin dərdini deyim.... Ancaq.... (İstəyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq.... Səndən təvəqqe edirəm ki, bu gün necə olsa, Yusifə deyəsən mənim yanıma gəlsin. Belə vaxt heç ələ düşməz. Atam-anam dayımgilə gediblər, özləri də gec gələcəklər. Yusifə deyərsən ki, səninlə gəlsin. Elə ki, Yusif darvazadan içəri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gələn olsa xəbər etsin. Onda Yusifi dal qapıdanyola salarıq. N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün də, sənin üçün də xarabçılıq olar. X ə d i c ə. Görünür ki, hələ uşaqsan. Məhəbbət meyvəsini dadmayıbsan. Hərgah dadsaydın, bu sözü deməzdin. Sən elə bilirsən bizim məhəbbətimizi heç kəs bilmir? İnandırıram ki, bu işdən hamı xəbərdardır. N a z l ı. Doğrudur, bir neçə adam bilir və Yusiflə sən əvvəlinci dəfə görüşmürsən. İki-üç dəfə olubdu. Amma genə yaxşıdır ki, bir neçə vaxt hələ gizlin tutasınız. X ə d i c ə (tərəfə). Pərvərdigara! Məhəbbət hissiyyatı olmayan adam ilə nə müşküldür danışmaq? (Gedib Nazlının əlindən tutur.) Nazlı! İnsan hər şeyi pünhan tutsa, məhəbbəti pünhan tuta bilməz. Allahı istərsən, mənim dərdimə əlac et.... N a z l ı (tərəfə). Gələsən atası anası ilə danışdığı söhbəti açıb deyim.... (Fikrə gedir.) X ə d i c ə (əlindən tutur). Niyə fikrə getdin? Yoxsa bir şey bilirsən? Hə? De.... De, görüm. N a z l ı. Doğrusu.... Yusifin tərəfindən bir şey eşitməmişəm. Amma yaxşı olardı ki, bu fikirləri yavaş-yavaş başından çıxardasan. Çünki necə ki, mən görürəm bunun axırı puç olacaqdır.... X ə d i c ə (təəccüblə). A.... Görükür, səndə xəbər çoxdur. İndi de görüm, nə var? Yoxsa, and olsun bu məhəbbətimə özümü burada həlak edərəm. (Şey gəzir.) N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sənə birbəbir deyim: dünən axşam çay vaxtı atan və anan bağçada oturub sənin sözünü danışırdılar. Mən də ağacın altında oturub çay hazır eləyirdim. Sözlərindən görükür ki, səni Yusifə verməyəcəklər. X ə d i c ə (təəccüblə). Məni?.... Yusifə? N a z l ı. Bəli. X ə d i c ə (tərəfə). Pərvərdigara! Nə acı sözlərdir mən eşidirəm. (Nazlıya tərəf.) Səbəbini bilmədinmi? N a z l ı. Səbəbi odur ki, necə ki, atan deyirdi Yusif kasıbdır.... X ə d i c ə. Sən bunu yəqin eşidib deyirsən? N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstərir.) X ə d i c ə. Uf! Fələk!.... (Əyləşib üzünü əlləri ilə tutur və bir az fikirdən sonra.) İndi ki, belədir, get bu saat Yusifi çağır gəlsin, heç olmasa axırıncı dəfə onun üzünü görüm və dərdimi ona bəyan edim. Ta bir az ürəyimin odu sönsün. N a z l ı. Buyurursan, gedərəm. (Nazlı dişqarı çıxır.) X ə d i c ə (tək, üzünü xalqa). Pərvərdigara! Dünyanın işinə bax, insanı heyvan dərəcəsində tuturlar. Məni Yusifə vermək istəmirlər. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrə gedir.) Uf! (Ürəyini əli ilə tutur.) Ruzigara bax.... İstəyirlər məhəbbəti pulla puç edələr. Görükür, ata və ana qızı verəndə onun gələcək xoşbəxtliyini dövlətdə görürlər. Dəxi bunu bilmirlər ki, məhəbbət etdiyi işləri heç dövlət etməz.... (Saçını əli ilə tutub bərkdən.) Uf! Bu bəlalı başıma necə fikirlər gəlir. (Fikrə gedir.) Yox, jox ... bundan sonra mən dəxi yaşamaram ... And olsun Yusifin canına, hərgah bu iş başa gəlməsə, özümü həlak edəcəyəm.... (Fikrə gedir.) Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm ki, Yusiflə məni ayrı sala. Bir az səbir edim.... İndi yəqin ki, gələr. (Səs gəlir.) Gərək ki, gələn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.) ÜÇÜNCÜ GƏLİŞ Yusif və Xədicə. Y u s i f (təəccüblə). Xədicə! (Yavuq gedib qucaqlayır. Xədicə başını aşağı salıb cavab vermir.) Xədicə! Niyə danışmırsan? Nə olub sənə? Desən görüm. (Xədicə cavab vermir.) Xədicə! Sən mənim canım, de görüm nə üz veribdir? Bəsdir, məni az incit. (Xədicə ağlayır.) Bircə de görüm, nə üçün ağlayırsan? X ə d i c ə. Necə ağlamayım ki, illərlə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir.... (Ağlayır.) Y u s i f. Necə? (Qucaqlayır.) Necə? .... Bir də de görüm! X ə d i c ə. Yusif! Səni and verirəm bizim məhəbbətə, qoy bir az sənin qucağında, nəfəs alım. Bəlkə bu axır görüşümüz oldu. Y u s i f (birdən ayağa durur). Xədicə! Sən nə söyləyirsən? Fikrin özündədirmi? Necə ki, axır nəfəsdir, ha? De görüm, yoxsa and olsun sənin bu zülflərinə, özümü bu saat həlak edərəm. (Əlini cibinə uzadır.) X ə d i c ə (Yusifi bərkdən tutub). Ay, bircə səbir et. Y u s i f (qucaqlayır). De görüm, bu nə sözlərdir, sən deyirsən? X ə d i c ə. Bircə de görüm, məni nə vaxt xoşbəxt edəcəksən? Y u s i f. Nazlı Xədicə, sənin xoşbəxt olmağın qalıb ata və anana. Onlar da deyirlər ki, guya sən hələ toya hazır deyilsən. X ə d i c ə. Bəli, hərgah atam-anama qaldısa, ikimiz də bədbəxt olmuşuq. Y u s i f. Nə üçün? X ə d i c ə. Görükür, onlar indi fikirlərini dəyişiblər. Məni sənə vermək istəmirlər. Bu xəbəri mən bu gün eşidib sənə adam göndərdim ki, hamı əhvalatı sənə deyim, ta başımıza bir çarə qılaq. Y u s i f. Axı, səbəbi nədir ki? X ə d i c ə. Səbəbi odur ki, guya dövlətin yoxdur və guya məni dövlətli istəyir. Y u s i f. Xədicə! Bunlar ara sözüdür, belə sözlərə inanma. (İrəli gəlib Xədicəni qucaqlayır və Xədicə Yusifə qəmgin baxır.) X ə d i c ə. Of! Yusif! Gərək ki, sənin üzünə axır baxışımdır. (Üzünü tutub ağlayır.) Y u s i f (Xədicəni qucaqlayıb). Xədicə! Sən onu yəqin bil ki, sən mənimsən, mən sənin. Və ondan savayı niyə bir fikir etmirsən ki, hərgah sənin özgəyə meylin olmasa, kimin hünəridir səni verə, zira ki, şəriətə müxalif işdir. X ə d i c ə. Hərgah şəriətlə iş görsələr, mənim qorxum yoxdur. Amma nə fayda ki.... (Ağlayır.) Y u s i f (tərəfə). Bunu Xədicə doğru deyir. Pərvərdigara! Gör pul insanın gözlərini necə tutur ki, şəriət də unudulur və o məhəbbət ki, gələcəkdə iki nocavan onunla xoşbəxt olacaqlar, nahaq yerə puç edilir.... (Fikrə gedir və bərkdən). Uf! Uf! Xədicə (gedib Yusifin əlindən tutur). Yusif! Biz burada çox qala bilmərik; çünki indi anam gələr. Ancaq bir söz xəbər alacağam. Y u s i f. De görüm! X ə d i c ə. Səni and verirəm mənim sənə olan məhəbbətimə, doğrusunu de görüm, hərgah ruzigar belə bivəfa oldu ki, bizi bir-birimizlə ayırdı, onda tədbirin nədir? Y u s i f. Uf!.... Sənin sözlərin mənim ürəyimi dağlıyır. And olsun (ayağa durur, bərkdən) bizim məhəbbətə! And olsun bu yolda tökülən göz yaşlarıma! And olsun bu zülflərə (əli ilə göstərir) ki, məni kəmənd edibdir! Hərgah məqsuduma çatmasam, özümü bir dəqiqədə həlak edərəm.... X ə d i c ə (əlini ürəyinə qoyub). Dəxi bir az sakit oldum. (Tərəfə.) Mən bundan elə bu sözləri gözləyirdim. (Yusifə.) Dəxi mənim üçün bu sözlər kifayət edər. (Dişqarıda səs gəlir.) Y u s i f (tələsmiş). Mən dəxi gedim, gəlib bizi burada görərlər, yaxşı olmaz. X ə d i c ə. Gedə bilərsən.... Y u s i f (Xədicənin əlini öpüb). Salamat qal! (Dişqarı çıxır.) X ə d i c ə. Xoş gəldin! (Xədicə, tək.) Məhəbbət, həqiqət yaxşı şeydir! Mən Yusiflə asanlıqla ayrıldım. Çünki istəmədim onun ruhuna zəhmət verim. Hərçənd o gedəndə ağlamaq istədim, amma xeyr, mən ağlasaydım Yusifin ürəyi xarab olardı, mən dəxi ona tab gətirə bilməzdim.... Eybi yoxdur, səbir edərəm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Əyləşib üzunü tutur. Anası içəri daxil olur və Xədicəni bu halda, görüb onun yanına gedir.) DÖRDÜNCÜ GƏLİŞ Xədicə və Nigar. N i g a r. Xədicə, ay balam, nə üçün belə oturubsan, yatırsan? X ə d i c ə (birdən qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram. N i g a r (tərəfə). Görəsən genə nə olub? Üzündən qəm dəryasına batmış görünür.... Ay balam, genə allaha şükür, nə olub sənə belə pozulubsan? X ə d i c ə. Heç.... N i g a r (yavuq gedib). Axı de görüm, nə olub sənə? Hərgah azarlısan, adam göndərim həkim gəlsin. X ə d i c ə (başı aşağı). Mənim həkimim ... sizsiniz.... N i g a r. Yəni kim? X ə d i c ə. Səninlə atam.... N i g a r. Mən sənin sözlərindən əsla baş aça bilmirəm. (Yavuq gedib əlindən tutur.) Ay balam! Bircə dərdini desən görüm. (Tərəfə.) Qaydadır, görmüşük qızın nə dərdi olsa anasına deyər. Amma bu evi yıxılmışın qızı heç görmədim ki, bir otura mənimlə söhbət edə. Eh, özün bil, sabah-birigün ərə gedərsən, sənin də canın qurtarar, mənim də. X ə d i c ə (tərəfə). Uf!.... N i g a r. Heç ah-vay eləmə. Az qalıbdır, iş düzəlibdir. Bir ay çəkməz ki, toyun olar.... (Hacı İbrahim içəri daxil olur.) BEŞİNCİ GƏLİŞ Hacı İbrahim, Nigar və Xədicə. H a c ı İ b r a h i m (Xədicəni qəmgin görüb). Genə nə var, ana-bala oturub kimin qeybətini edirsiniz. (Xədicə ayağa durur.) N i g a r. Heç kəsin. Öz dərdimiz məgər azdırmı? H a c ı İ b r a h i m. Nə olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda ərə verərsən gedər. N i g a r. Doğrudan, iş nə tövr oldu? (Xədicə dişqarı çıxır.) H a c ı İ b r a h i m. Kişiyə söz verdim. İndi gərək hazırlaşaq. N i g a r. Yaxşı, de görüm, yerinə yetibsənmi, görək necə adamdır: atası kimdir, anası kimdir? H a c ı İ b r a h i m. Arvad, sən allah, qoy görək. Yenə arvadlığına salma. Nəyinə lazımdır kimin oğludur, kimdir və ulu babasının adı nədir? Pulu ki var, hamısından yaxşıdır. N i g a r. Məgər pulu çoxdurmu? H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünəmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dəxi nə istəyirsən? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövləti qoyub Yusifə mən niyə verim? Doğrudur, oxuyub, əli qələmlidir, amma aldığı altmış manat məvacibdir. Onunla külfətini necə dolandırsın? Sən indi adam göndər qızın dayısına, gəlsin toyun tədarükünü görək. (Nigar çıxır.) H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demək, Yusif də pis oğlan deyil. Amma nə fayda ki, az məvacib alır. Mənim bir qızımdan savayı heç kəsim yoxdur və qızımı da versəm, yeznəm mənimlə gərək olsun. Yeznəm də kasıb olsa, mənim dövlətimi iki ilin ərzində yeyib gedəcək. Amma hərgah dövlətli olsa, bu dövlət qurtaran deyil.... (Nigar daxil olur.) ALTINCI GƏLİŞ Nigar, Hacı İbrahim. N i g a r. Adam göndərdim. İndi ay kişi, bir iş var ki, qız bu işə razı olmaya. Ondan ötəri ki, qonşu arvadların sözünə görə qızın könlü Yusifədir. H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belə sözlər danışma, necə ki, qızın könlü Yusifədir? Sən qız anasısan. Sən gərək ona nəsihət edəsən və hərgah razı olmasa de ki, biz onun gələcəyi üçün çalışırıq və istəyirik ki, gələcəkdə o,bir parça çörək yiyəsi olsun. Zəmanəmiz pul zəmanəsidir, ondan da savayı, kişinin əsli bəydir. N i g a r. Özün bil. Amma bu iş çətin olacaqdır. H a c ı İ b r a h i m. Heç bir çətinliyi yoxdur. Sən arvadsan, mən bilən işləri sən bilməzsən. Qoy dayısı gəlsin, o, başa düşər. (Niyaz bəy içəri daxil olur.) YEDDİNCİ GƏLİŞ Hacı İbrahim və Niyaz bəy. N i y a z b ə y. Salaməleyküm! H a c ı İ b r a h i m. Əleyküməssalam! Gəl görək Niyaz bəy, əyləş. (Yer göstərir, Niyaz bəy gəlib əyləişr.) N i y a z b ə y. Xeyir ola, Hacı əmi? H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xədicənin işindən ötəri zəhmət vermişəm. N i y a z b ə y. Mən təəccüb edirəm sizin işinizə. Nə üçün bu vaxta qədər belə işi qoyursunuz qala? Yusif necə ki, mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. H a c ı İ b r a h i m. A kişi, Yusif nədir--zad nədir? Qızı özgə adama verirəm. N i y a z b ə y. Nə deyirsiniz? Mən sizin sözlərinizi başa düşə bilmirəm. H a c ı İ b r a h i m. Nə başa düşməyi var. Qızı dəxi Yusifə vermirəm, özgə adama verirəm. N i y a z b ə y (təəccüblə). Kimə? H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bəylərindəndir, çox yaxşı mülkü-maşı var. Özünün deməyinə görə, kefi çox kökdür. N i y a z b ə y. Hacı əmi, belə şeyi eləmə. Eyib şeydir. Xalqı üstünüzə güldürməyin və görün bir oxuyub, tərbiyəsi vardırmı? H a c ı İ b r a h i m. Ay sağ olmuş, mənim nəyimə lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hər şeydən yaxşıdır.... N i y a z b ə y. Elə deməyin. Nə qədər pulu çox olmuş olsa da, yenə Yusif ondan məsləhətdir. Çünki zəmanəmiz belə zəmanədirki, indiki mədəiiyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. Zira ki, bunların əlində qələm var və o qələmlə həmişə bir parça çörəkləri var. Amma baxırsan bizim dövlətlilər öz nəfslərini pula satıb cürəbəcürə yollarla pul qazanırlar və öləndən sonra onların tərbiyəsiz olan uşaqları qalan dövlətin qədrini bilmirlər. Çünki asanlıqla əllərinə düşüb. Bir az müddətdə atadan qalan dövlətin axırına çıxırlar.... Ondan masəva, bu oxuyub tərbiyə alanların nəzərləri külfətə ayrı, avamlarınkı ayrı, məsələn, mərifətli kişi heç vaxt övpətüstünə övrət almaz. Övrəti öz zindəganlığında özünə yavuq yoldaş bilib onu qoymaz pis günlər çəksin. Amma mərifətsiz kişidən hər şeyi gözləmək olar. Gündə bir övrəti döyər, elə ki, bir az pulu artıq oldu, bir özgəsini də alar. Axırda görərsən ki, biçarənin ocağı viran oldu. Belə ittifaqlar azdırmı? H a c ı İ b r a h i m. Niyaz bəy! Niyə elə şeylər danışırsınız? İki övrət almaq şəriətdə də var ki?! Və hərgah o, mənim qızımın üstünə övrət alsa, bir saat qoymaram qızım onun evində qala. N i y a z b ə y. Mən təəccüb edirəm ki, siz şəriəti yaxşı bilə-bilə nə üçün şəriətə böhtan deyirsiniz? H a c ı İ b r a h i m. Necə? N i y a z b ə y. Ondan ötəri ki, şəriətimiz buyurmur ki, iki ya üç övrət al. Şəriətdə deyilir ki, yaxşı olar ki, övrətin ola-ola ikincisini almayasan. Amma elə ki, alırsan, gərəkdir bu şərt-şürut gözləyəsən. Ona görə sizin canınız, üçün, hərgah şəriətə görə iki övrət alsaq, əsla düz deyil. Zira ki, o şərt-şürutu ki, qanunda var, onu heç kəs layiqincə yerinə yetirə bilməz. H a c ı İ b r a h i m. Xülasə, iş olub-gedibdir. Qızı vermişəm, siz də gediniz qıza xeyir-dua veriniz. N i y a z b ə y. Mən xeyir-dua verməyə həmişə hazıram, amma işlərinizə qarışmayacağam. (Hirsli.) H a c ı İ b r a h i m. Niyaz bəy! Belə söz nə üçün danışırsınız? Görükür, yəqin oğlanı görməyibsiniz. Hərgah görsəniz, bilərsiniz ki, mən səhv etməmişəm. N i y a z b ə y (ayağa durur getməyə). Bəli, dəxi mən gedim. H a c ı İ b r a h i m. Xeyr, getməyin, mən oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tədarük edə. İki həftədən sonra toydu. Əyləşin, indi oğlanı siz də görüb aşna olarsınız. (Dişqarıdan səs gəlir.) H a c ı İ b r a h i m. Gərək ki, gələn odur. (Durub qapıya gedir.) A.... Salaməleyküm! Salaməleyküm! Buyurun görək. (Şamdan içəri daxil olur.) SƏKKİZİNCİ GƏLİŞ Ş a m d a n (Niyaz bəy tərəfə gedib əl verir). Salaməleyküm! (Şamdanı Niyaz bəy görüb tanıyır və danışmayıb heyran qalır.) H a c ı İ b r a h i m. Əyləşiniz. Allah qoysa, nə vaxt təşrif aparırsınız? Ş a m d a n. İnşaallah, bir-iki gündən sonra. H a c ı İ b r a h i m. Bəs eşitdim ki, sabah buyuracaqsınız. Ş a m d a n. Bəli. Fikrim var idi sabah gedəm. Ancaq qubernatorla bir az işim olmağa görə qaldım. H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı? Ş a m d a n. Necə ki? Dünən məni çaya çağırıb saat on birədək oturub söhbət etmişik. (Hacı İbrahim Niyaz bəyə baxıb lovğalanır.) Çoxusu ondan ötəri getmirəm ki, qubernatorun bu günlərdə qonaqlığı olacaqdır. Məndən təvəqqe etdi ki, mən də orada olam. (Hacı. İbrahim Niyaz bəyə baxır və Niyaz bəy başını bulayır.) H a c ı İ b r a h i m. İnşaallah, gələndən sonra mənim də bir işim var. Qubernatordan keçir, onu da düzəldərsiniz. Ş a m d a n. Çox əcəb. Bu vaxtadək bir iş olmuyubdur ki, mənim təvəqqemi yerinə yetirməyə. Mənim burada çox dostlarım var. Sudun predsedateli, prokuror və qeyriləri. Bunların vasitələri ilə neçə adamları qulluğa qoymuşam. (Cəfər çay gətirir.) H a c ı İ b r a h i m. Buyurun çay içək. (Mizə yavuq oturub çay içirlər.) Ş a m d a n. Bir ay bundan müqəddəm mənim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-əqrəbaları bilirdilər mənim divan adamları ilə dostluğum var. Hamısı gəlib ayağıma düşdülər ki, onu qurtaram. Həqiqət, özümün də çox yazığım gəldi. Bir balaca kağız yazıb o saat onun işini təmizə çıxartdım. Xülasə, sizin dövlətinizdən sözüm çox ötkəmdir. Burada, bəlkə tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündə çox zəhmət çəkib müəllimlikdən özgə yerə təyin etdirdim. (Yavaşdan.) H a c ı İ b r a h i m. Maşallah sizə. (Fəxr edir.) Belə işlərdə hünər lazımdır. (Stəkanları aparıb çay gətirir.) Ş a m d a n. Belə adamlar ilə aşna olmağıma səbəb görürsünüz ki, xalq də mənə hörmət edir. Məsələn, indi şəhərə gedəndə qabağıma heç olmasa əlliyədək adam gələcəkdir. N i y a z b ə y. Bəli ... m ... m.... Bu mərtəbəyə çatmaq üçün böyük hünər lazımdır. H a c ı İ b r a h i m. Əlbəttə, əlbəttə. N i y a z b ə y (tərəfə). Amma yaxşı gop vurur. Ş a m d a n (ayağa durur). Məni dəxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlə söhbət edəm. H a c ı İ b r a h i m. Bəs niyə belə tez? Əyləşəydiniz bizimlə bərabər çörək yeyərdik. Ş a m d a n. Çox məmnun və məsrurəm. Ancaq knyaz Sakarilinlə, qubernatorun yeznəsidir, bu gün firəng konsulu ilə ki mənim qədim dostumdur, bağda rast gəlib çox-çox təvəqqe etdilər ki, bu gün onlara gedəm. H a c ı İ b r a h i m. Bəli, hərgah söz veribsiniz, vacibdir. Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklərin hələ gözlərinə görükmürəm. (Əl verir.) Xudahafiz. (Gedir və onun dalınca Hacı İbrahim. Birdəp guya yadına qapıda bir şey düşüb geri qayıdır.) Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır. H a c ı İ b r a h i m. Bəli, bəli. (Özü gedib qələm və kağız gətirir . Şamdan yazır və danışır.) Ş a m d a n. Elə indi yadıma düşdü. Gərək bir tel vuram Peterburqa, qraf Zamburski məni dəxi gözləməsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim də onun dalınca.) N i y a z b ə y (tək, ayağa durur). Bizim qızların evlərini elə belə şeylər yıxır. A kişi, qəribə bihəya adamdır! Məni utandırır ki, mənim yanımda özünü bu qədər tərif edir. Dəxi mən nə danışım.... (Fikrə gedir.) Heyf! Heyf ki, elə qızı belə adama verirlər.... Gör sən allah, o adama xəyanət edir ki, evində yeyir-içir və özü də dəxi bir adam olubdur. Doğrudur,ata istəyər ki, qızını yaxşı yerə versin, tainki axırda bir parça çörək sahibi olsun. Amma bunlardan baş məhəbbətdir,zira ki, bir övrətlə kişinin bir-birinə məhəbbəti oldu, onlar heç vaxt korluq çəkməzlər. Onlar bir-birinə xoş gəlməkdən ötrü hər ikisi çalışacaqlar ki, zindəganlıqları xoş keçsin, ta bir-birindən narazı olmasınlar. O məhəbbət ki, Xədicə və Yusifdə var, neçə ki, mən bilirəm, bu xoşbəxtlikdir.... (Fikrə gedir.) Bəlkə qız dəxi istəmir.... Yaxşı olar ki, özünü mən buraya çağırıb bir neçə sual verim. (Gedib qapıdan səs edir.) Nazlı! Ay Nazlı! Xədicəni bura çağır. (Gəlib əyləşir və fikrə gedir. Xədicə içəri daxil olur.) DOQQUZUNCU GƏLİŞ Xədicə və Niyaz bəy. X ə d i c ə. Salaməleyküm, dayı! N i y a z b ə y. Əleyküməssalam! (Üzünə diqqətlə baxır.) Niyə saralıbsan? Azarlısanmı? X ə d i c ə (başı aşağa). Bəli, bir az başım ağrıyır. N i y a z b ə y. Ay balam, mən sənin dayınam. Təvəqqe edirəm, səndən bir şey xəbər alacağam, doğrusunu mənə deyəsən. Heç məndən utanma.... X ə d i c ə. Nə buyuracaqsınız, buyurun. N i y a z b ə y. Doğrusunu de görüm, sən Yusifə getmək istəyirsən ya yox? (Xədicə utanıb başını aşağı salır, cavab vermək istəmir.) N i y a z b ə y. Sən mənim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gərək mən biləm.... X ə d i c ə (yavaş-yavaş oturur və tərəfə). Ah, görəydim, pərvərdigara, mən nə vaxtadək səbr edəcəyəm? N i y a z b ə y (gedir Xədicənin yanına). Xədicə, sən mənim canım, de! X ə d i c ə. Mən artıq cavab vermək istəmirəm. Ancaq onu bil ki, mənim Yusifə olan məhəbbətim məni, ya bizdən birimizi bədbəxt edəcəkdir. Of! (Ürəyi gedib uzanır, Niyaz bəy tez başını tutur və adam çağırır.) N i y a z b ə y. Xədicə! Özünü toxtat.... Ay Nazlı! (Bərkdən.) Su gətir. (Nazlı gəlib qapıdan baxıb tez gedir su gətirməyə.) Ağanı, xanımını çağır bura. (Hacı İbrahim, Nigar, Nazlı tez gəlirlər. Hamı heyran qalır.) N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hələ nə oldu? PƏRDƏ * * * Üçüncü məclis ƏVVƏLİNCİ GƏLİŞ Yusifin otağı. Şamdan bəy. Ş a m d a n (ayaq üstə). İndi bildim ki, mən Şirvanı bir gecənin içində nə üçün atıb buraya gəldim. Deyəsən mənə elə deyirdilər: get. Görükür, xeyrim var imiş. Yoxsa belə şey olmazdı ki, mən elədim. Cibin bir qəpik pulsuz gələsən belə şəhərə, çox çətin işdir. Bəli, görükür səbəbi var imiş. Dəxi nəyimə lazım Yusif tapdığı qulluq.... (Fikrə.) Xülasə, dünyanın işini bilmək olmaz. Görükür, mənim alnımda bunlar hamısı yazılıbmış. Heç yatanda da belə xoşbəxtlik fikrimə gəlməzdi. Dəxi bundan artıq nə istəməli? Hacı İbrahim mənə qızını verir. Amma qəribə qızdır ha ... yemə, içmə onun camalına bax. Qızın yaxşı cehizi, pulu, mülkü. Özü də, nəhayətdə ağıllı-kamallı qızdır və hətta Hacı İbrahim məxsusi mənə dedi ki, toy olandan sonra köçüb onunla bir yerdə olum. Çünki tək bir qızı olmağına görə istəmir ki, gözündən uzaq versin. Bu mənim üçün dəxi də yaxşı oldu ki! Mənim nəyim var ki, mən onu saxlayam. Ondan savayı Hacı İbrahim heç qoymaz ki, özü dura-dura mən xərc edim. Dövləti başından aşıbdır. Özü yeyincə yeznəsi yeyər. Ah! Ah! (Gülür.) Həqiqət, heç belə ittifaq olmazdı ki, mənə üz veribdir, amma.... (Yavaş danışıb qapıya baxır ki, eşidən olmasın.) Amma ... gərək (tərəfə baxır) hm ... mənim bu hiyləmi heç kəs bilməsin. Hacı İbrahim bilsə ki, mən ona gop vurmuşam, qızı da verməz və əlim də bu qədər dövlətdən çıxar. Bunlar hamısı keçər gedər.... Ancaq bir şey qabağımı tutubdur. (Tərəfə baxır.) Mən bu vaxtadək Yusifin evində oluram. Özü də axşam evə gələcəkdir. Onsuz da olmaz ki, bu xəbəri eşitməsin, ona görə buradan gərək uzaq olam. Zira ki, qızı əlindən almışam, bu iş davasız olmayacaqdır. Bunun evində də əyləşib onunla dava etmək olmaz, ona görə gərəkdir indi köçüb gedim bir ayrı yerə.... (Fikrə gedir.) Yaxşı, bəs hara köçüm?.... Ah, gedərəm qəstinə! Bəs ... hm.... Pul lazım olanda nə edim?.... (Fikrə gedir.) 3əpər yoxdur. Yazaram Hacı İbrahimə ki, evdən pul gələnədək mənə min manat göndərsin. Onda həm qəstinin pulunu verərəm, həm toy tədarükünü görərəm. Onu da yəqin bilirəm ki, Hacı İbrahim verəcəkdir. Çünki özümü elə qələmə verməmişəm ki, verməsin, bəlkə iki min də verə.... Ah! Ah! (Gülür.) Amma dil də insanda yaxşı şeymiş! Çox adam dilin səbəbinə bədbəxt olur, amma mən xoşbəxt olmuşam.... Uf! (Ürəyini əli ilə tutur.)Ürəyim nə pis döyündü. (Fikrə gedir və başını əli ilə tutur.) Ah, nə axmaq fikirlərdi başıma gəlir? Mənə guya biri deyir ki, yoldaşa xəyanət eləmə. Bundan nə xəyanətlik var, Hacı İbrahim qızını Yusifə vermək istəmir, mənə verir.... Bu da yəni bir işdir.... Mal yiyəsi bilər.... Mənə indi bir ay çörək veribdir ki, mən bu qədər dövləti əlimdən çıxardım. Vaxt olar mən də ona edirdərəm.... Xeyr ha.... Bunlar boş fikirlərdir. Bu dünyanınkı belə gərək olsun: harda əlinə düşdü ovla.... (Fikrə gedir.) Dəxi mən şeylərimi yığıb gedim. Həqiqət, istəmirəm ki, bu işdən sonra Yusif ilə görüşəm. (Şeylərini yığışdırır. Qapıya gedib səs edir.) Qulu! Ay Qulu! (Qulu daxil olur.) İKİNCİ GƏLİŞ Qulu və Şamdan. Q u l u. Nə buyurursunuz? Ş a m d a n. Yusif nə vaxt gələcəkdir? Q u l u. Gərək ki, saat yeddidə. Ş a m d a n. Bu uzaq oldu.... Mən onu gözləyə bilməyəcəyəm.... Gərək gedim.... Q u l u (şeyləri görüb təəccüb edir). Ağa, hara buyurursunuz? Ş a m d a n. Mən ... m ... m.... Özgə yerə köçürəm ... m ... m.... Burada dolana bilmirəm. Q u l u. Niyə, allaha şükür! Yusif ağam sizin başmağınızı cütləməyə hazırdır, mən də sizin qulluğunuzda varam. Ş a m d a n. Bura ... m ... m.... Doğrusu, mənim ... m ... üçün ... layiqli yer deyil.... Ayrı otaq tutmuşam. Ondan savayı bundan sonra mənim yanıma gəlib-gedən olacaqdır. Nə lazımdır özgəyə zəhmət verim?.... Qoçaq, dəxi durma, fayton çağır, şeyləri qoyum gedim. Q u l u. Ağa, doğrusu, mən sizi qoymaq istəmirəm. Ondan ötəri Yusif ağam elə fikir edər ki, mən sizi incitmişəm, ona görə siz gedibsiniz. Mənim dərimə od vurar. Ş a m d a n. Sən qorxma, mən özüm sabah gəlib onunla danışaram.... Ancaq yubanma, get faytona. (Qulu istər-istəməz gedir.) Ş a m d a n (şeyləri hazır edə-edə). Axmaq oğlu, mənim fikrimdən xəbəri yoxdur, durub hələ üsuliddin xəbər alır. (Əlini cibinə aparır.) Faytona pulum yoxdur, nə etməli? (Fikrə gedir.) Zərər yoxdur.... Quludan alaram. (Qulu daxil olur). ÜÇÜNCÜ GƏLİŞ Q u l u. Ağa, fayton hazırdır. Ş a m d a n. Səndə ... m ... m... bir, ya iki abbası pul olarmı faytonçuya verim. Məndə m ... m ... yüzlükdür, onu da hər saatda xırdalamaq mümkün olmur. Q u l u (tez əlini cibinə aparıb). Var, var, hərgah istəyirsiniz, çox verim. Ş a m d a n. M ... m ... yaxşı, varınsa, bir manat ver. (Qulu ikinci dəfə pul çıxardıb verir.) Salamat qal. (Qulu şeyləri götürüb gedir, tez qayıdıb evi yığışdırır.) Q u l u (tək). Bu işə mən mat qalmışam.... Bu vaxtadək burada yeyəsən, içəsən, indi nə oldu ki, bizim evi bəyənmədi? Yox, burada bir iş var, görükür ağamla araları dəyibdir. Yoxsa belə olmazdı. (Fikrə gedir.) Amma bu da ola bilməz. Çünki mənim ağam heç qəlb sındıran adam deyil və bunun başına pərvanə kimi gecə-gündüz dolanırdı. Xülasə, görəsən nə var, indi ağam gələr, iş aşkar olar. (Səs gəlir. Yusif acıqlı içəri daxil olur.) DÖRDÜNCÜ GƏLİŞ Qulu və Yusif. Y u s i f. Qulu! Çay hazırdırmı? (Fikrə gedir.) Şamdan hələ gəlməyibdirmi? Q u l u. Gəlmişdi. Bir az bundan qabaq getdi. Y u s i f. Hara? Q u l u. Bilmirəm. Şeylərini də götürüb getdi. Y u s i f. Necə? Şeylərini? Q u l u. Bəli, dedi ki, mən indi özgə yerdə olacağam. Y u s i f. Özgə yerdə ... m ... m.... (Fikrə gedir.) Yaxşı, indi anladım ... m ... m.... Q u l u. Ağa, sən allah de görüm, axı nə olubdur? Y u s i f. Heç, get.... (Fikrə gedir və sonra əli ilə mizin ustə bərkdən vurur.) Uf! Ruzigar! Q u l u (qorxub atılır və papağı başından yerə düşur, papağını götürüb Yusifə qorxa-qorxa baxa-baxa gedir.) Mən ömrümdə bunu belə hirsli görməmişdim. Y u s i f. Zəmanəyə baxırsan? (Fikrə gedir.) Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. Sual edirəm: necə? Cavab verir ki, Şamdan Xədicəni alır və atası dəxi razıdır. Mən əsla buna inanmadım. Amma bunun buradan köçməyi ona dəlalət edir. Görünür, Murad mənə deyən söz doğrudur. (Ayağa durur gəzinir.) Di gəl, bundan sonra yoldaşa inan. Pərvərdigara! Özün şahidsən ki, əlimdən nə yaxşılıq gəlib ona eləmişəm. Belə oldu ki, mənim çörəyimi yeyə-yeyə mənə quyu qaza.... (Fikir.) Pərvərdigara! (Bərkdən.) Uf! Uf!.... Hanı insaf? Mürvət? (Mizin yanında oturub başını əli ilə tutur.) Mən dəxi bu dünyada qalmaram. Gör heç rəvadırmı ki, illərlə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola.... Dünya bivəfa imiş. Onun hər işi cövrü-cəfa imiş. (Bərkdən əli ilə mizun üstə vurur.) Uf! Uf!.... (Durub gəzinir.) Uf.... Xədicə!.... Xədicə!.... (Bərkdən ağlayır.) And olsun, mənim məhəbbətimə! And olsun bugözlərimin yaşına ki, məhəbbət yolunda tökülür.... (Fikrə gedir.) Yox! Yox.... Bir az səbir etmək. (Gedir mizin yanında oturub başını əlləri ilə tutur. Rəsul daxil olur). BEŞİNCİ GƏLİŞ Rəsul və Yusif. R ə s u l. Yusif! Salaməleyküm! (Yusif cavab vermir. Rəsul gedib yavuğa.) Yusif! Sənə nə olubdur? (Cavab vermir, gedib əlini çiyninə qoyur. Bərkdən.) Yusif! Y u s i f (birdən ayılıb Rəsula təəccüblə baxır). Bəli! R ə s u l. Nə üçün belə qəm dəryasına mübtəla olmusan? Nə olub, allaha şükür? Y u s i f (əlini mizə vurur). Yox, gərək elə ola.... (Rəsul qorxub bir az uzaqlaşır.) R ə s u l (tərəfə). Yazığın başına hava gəlib, nədir?.... Qardaş, Yusif! Söylə görüm, nə üz veribdir? Y u s i f. Hə ... hə ... Nə olub? Ruzigar bivəfa imiş.... Uf!.... R ə s u l (tərəfə). Pərvərdigara! Biçarəyə görəsən nə bədbəxtlik üz veribdir. Gedim Quludan sual edim, bəlkə bir şey bilir. (İstəyir getsin, birdən Sultan və Murad bərkdən. danışa-danışa içəri daxil olurlar. Biri deyir: "Belə biinsaf iş olmaz ki, edibdir!" İkinci deyir: "Adətdən dişqarı bir şeydir". Yusif üzünü tutub oturur. Sultan, Murad daxil olurlar). ALTINCI GƏLİŞ Sultan, Murad, Pəcyl, Yusif. S u l t a n, M u r a d. Salaməleyküm! R ə s u l. Səs salmayın görək. S u l t a n,M u r a d. Nə olubdur ki? R ə s u l. Bir saatdır gəlmişəm, mənə dürüst cavab vermir. Ancaq natamam kəlmələr deyib hirslənir. M u r a d (Sultana). Sənə nə dedim? R ə s u l. Bircə deyiniz görək, nə olubdur? M u r a d. Nə olacaqdır? İnsafsız oğluna bir ay çörək verib əzizləyibdi, indi Xədicəni almaq istəyir. R ə s u l. Şamdan? S u l t a n. Bəli, Şamdan bəy.... R ə s u l. Tfu!.... M u r a d. Belə adamı boğazından asmalıdır! R ə s u l. Bəs elə bilirsən o, papaq qoyub bu vilayətdə gəzə biləcəkdir? S u l t a n, M u r a d, R ə c u l. (Hamı təəccüblə Yusifə baxır). Yusif, danış görək nə var, nə yox? Y u s i f (göz qaldırıb bunlara baxır). Xoş gəlibsiniz.... Əyləşin.... M u r a d. Yusif, sən mənim canım, çox da fikir eləmə, o xəbər ki, mən sənə dedim, ara sözüdür. Bəlkə əsli də olmasın. Y u s i f. Xeyr, elədi ki, var. Çünki hərgah doğru olmasa idi, buradan köçməzdi. H a m ı s ı. Köçübdür? Y u s i f. Bu gün mən gəlməmişdən köçübdür.... (Fikrə gedir.) R ə s u l. Ay zalım oğlu, necə tez başa düşübdür!.... M u r a d. Mən təəccüb edirəm Hacı İbrahimə ki, belə adama qızını verir. R ə s u l. Görükür, genə gop vurubdur. (Yusif əlləri ilə başını tutub fikrə gedir.) M u r a d. İndi olan olub qurtarıbdır. Mən təəccüb edirəm ki, Yusif nə əcəb onunla dostluq edirdi, vəhalonki kişi danışanda özünü bildirirdi. S u l t a n. Bunu haqq deyirsən. Mən özüm də o fikirdə idim. Amma Yusifin ürəyi məndən sınar deyib söz açmırdım. Y u s i f (başını qaldırıb). Həzərat! Sizin canınız üçün bugünədək onun hiylələrini başa düşməmişdim. Hətta bir neçə təklifləri mənim aşkar zərərim isə də, yenə fikir edirdim ki, bu zalım oğlu məni özünə dost bilib mənim ayağımdan çəkməz. Mən nə bilim ki, bu biinsaf oğlu mənə başdan quyu qazırmış. (Fikrə gedir.) R ə s u l. İndi de görək, axı, bu işi belə qoymaq olmaz.Fikrin nədir? M u r a d, S u l t a n. Doğurdan de görək, necə olacaqdır? Y u s i f (bir az fikirdən sonra). Mənim bir özgə fikrim yoxdur. (Durub gəzinir.) Ancaq onu bilirəm ki, bu iş xeyirliklə qurtarmayacaqdır.... Arada bir qan olacaq.... (Fikrə gedir, qeyriləri bir-birinə təəccüblə baxırlar.) M u r a d (ayağa durur). Biinsaf oğlunu boğazından asasan. S u l t a n (ayağa durur). Zalım oğlunu bir gülləyə qurban edəsən. R ə s u l (ayağa durur). Heç elə sözlər danışmayın. (Qeyriləri Rəsula baxırlar.) O sözlər əbəsdir.... Onun burada heç kəsi yoxdur, heç kəsin də onunla əlaqəsi olmasın. Mənim fikrimcə, biz hərgah onunla bilmərrə əlaqəmizi kəssək, özü sonra düşünüb yoldaşına xəyanət etməz və onu da eşitmişəm ki, o qızı, o ala bilməyəcəkdir. Y u s i f. Qızı almamaqdan mən də arxayınam.... M u r a d. A kişi, necə arxayınsan ki, atası, anası razı olub, kəbinini də bu yavuq vaxtda kəsəcəkdir. R ə s u l. İnanma. Y u s i f. Mən ona görə deyirəm ki, o qız ona getməz. Amma çünki qızı zorla verəcəklər, ona görə ... m ... m.... Qız özünü həlak edəcəkdir. Ancaq bu iş məni təşvişə salıbdır.... Və onu da bilirəm ki, o qızdan sonra mən gərək bu dünyada qalmayam. (Tərəfə.) Uf, allah, nə yaman fikirlərdir başıma gəlir!.... (Başını əli ilə tutur.) H a m ı s ı. Sən heç darıxma, yaman adam öz cəzasına çatar!.... (Bu vaxt dişqarıdan qilü-qal səsi gəlir. Bunlar gedirlər qapıya sarı. Rza bəy, Heydər bəy, Nəcəf bəy içəri daxil olurlar.) YEDDİNCİ GƏLİŞ Əvvəlkilər və Rza bəy, Heydər bəy, Nəcəf bəy. R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f bəy. A kişilər, bu nə əhvalatdır şəhər də danışırlar? (Yusif başını aşağı salıb fikrə gedir.) M u r a d, R ə s u l, S u l t a n. Bir işdi, olubdur. R z a b ə y (Yusifin yanına gedib). Yusif! Hamı günah sizdədir. Siz onu öz yanınıza salıb hamıya tərif edibsiniz və o dəxi sənin xatirinə görə mənim (əli ilə göstərir), Heydər bəyin, Nəcəf bəyin və qeyri mütəşəxxis adamların əziz qonağı olubdur. Amma indi başınıza olmayan işləri gətirir.... H e y d ə r b ə y. Təəccübdür! Bu neçə ildə onu tanıya bilməyibsiniz. N ə c ə f (tərəfə). Doğru deyiblər ki: "Ətə baxma, dona baxma, içindəki cana bax". Y u s i f. Doğru buyurursunuz ki, hamı günah məndədir.... (Başını aşağı salır). R z a b ə y. A kişi, bilməyirsiniz şəhərdə nələr danışırlar? Utanmaz oğlu özünü belə qələmə veribdir ki, guya Fətəli şahın nəvəsidir. H e y d ə r b ə y. O günlərdə deyirlər bir yerdə oturub bizim qeybətimizi edirmiş. Deyirmiş guya buranın bəyləri acdırlar və yemək-içməyi bacarmırlar. H a m ı. Gör sən allah?! R z a b ə y. Bundam da pis xəbərlər eşitmişəm. Ancaq Yusifin xatirəsi üçün bu vaxtadək danışmırdım. (Rəsul, Sultan, Murad bir-biri ilə yavaşdan söhbət edirlər.) N ə c ə f b ə y. Təvəqqe edirəm bundan sonra onunla heç kəsin əlaqəsi olmasın. Ta onu bir hala gətirək ki, ağlının naqisliyini və nacins olmağını özü anlasın. H a m ı. Yaxşı sözdür. R z a b ə y. Sizin canınız üçün, indi gedib onun piçini elə yerdən buracağam ki, axirətədək yana-yana qalsın. Xülasə, çox danışmaqdan bir şey çıxmaz. Gedirsiniz, gedək. H a m ı. Bəli, buyurunuz, (Yusifə) Salamat qalın! (Əvvəl Rza bəy, sonra qeyrilər dişqarı çıxırlar.) Y u s i f (tək). Mənə nə desələr, haqdır. Mən nə edim, nə çarə qılım? Mənim ürəyimdə bir kin-küdurət yoxdur. Ona görəözgəni də özüm kimi bilirəm və gözüm görə-görə özümü çürbəcürə bəlalara kiriftar edirəm.... Ah! Bircə Xədicə ilə görüşüb ürəyimdəki dərdimi deyəydim, bəlkə bir az sakit olaydım. (Fikrə gedir.) Nə etməli? Hə? Nə tövr edim ki, onunla görüşüm. (Fikrə gedir.) Cəhənnəmə, nə olar-olsun. Bir kağız yazıb göndərim, nə olar-olsun. (Oturub istəyir kağız yazsın.) SƏKKİZİNCİ GƏLİŞ Qulu və Yusif. Q u l u (içəri daxil olur). Ağa, Pərzad qarı sizi görmək istəyir. Y u s i f (qələmi yerə atır). Qoymazlar bir az rahat olaq, de, yatır. (Fikrə gedir, Qulu çıxmaq istəyir, birdən Yusif dalınca gedib.) Y u s i f. Pərzad qarı arada gəzəndi, bu, yəqin sözsüz olmayacaqdır. Qoy çağırım, görüm nə deyir. A gədə, Qulu! Çağır gəlsin. (Özü oturub yenə kağız yazmaq istəyir. Pərzad daxil olur.) DOQQUZUNCU GƏLİŞ Yusif və Pərzad. P ə r z a d. Salaməleyküm, Yusif bəy! Y u s i f (Pərzada diqqətlə baxır). Əleyküməssalam! Pərzad nənə, əyləş görək. P ə r z a d (əyləşir). Dəxi nə əyləşim, iş qurtarıb gedibdir. Y u s i f (təəccüblə). Nə var? Nə olub? P ə r z a d. Dəxi nə olacaq? Veriblər gedib.... Y u s i f. Kimi? P ə r z a d. Xədicəni.... Y u s i f (tərəfə). Guya ki, mən bilmirəm. (Başını bulayır). Genə qoy soruşum görüm.... (Pərzad tərəfə.) Pərzad nənə! Bu nə xəbərdi sən mənə verirsən? P ə r z a d. Atamın ərvahına and olsun, oğlumun canıçün, belə gəlinim ölsün ki, veriblər gedibdir. Y u s i f. Axı kimə veriblər? P ə r z a d. Nə bilim, bir bığıyoğuna.... Deyirlər belə, Şirvanda əvvəlimci adamdır. Y u s i f. Necə yəni əvvəlimci? P ə r z a d. Nə bilim, deyirlər Şirvanın yarısı onundur, o qədər qoyunu, malı, mülkü, maşı vardır ki, itinə də tök.... Deyirlər belə böyüklər yanında da sözü ötkün, qılıncı kəskindir.... Hamı deyir ki, Xədicə qızıl mədəninə düşübdür.... Hanı bir belə qapı, mənim qızıma da açılaydı!.... Y u s i f (tərəfə, fikirli). Dövlətli!.... Demə genə gop vurubdur.... (Pərzada tərəf.) Əgər dövlətə görədir, Xədicə dövlətə aldanıb getməz. P ə r z a d. Yusif bəy! Qadan ürəyimə, belə şeyi demə. Arvadın kökü kəsilsin, arvad pulsuz kişini sevməz.... Sən, doğrudur, oxuyubsan, amma vallah, arvad tayfasını tanımırsan. Mən yaxşı tanıyıram, mənim oğlumu dərdəcər eləyən arvad deyilmi? A bu gəlinlərin boynuna ip ölçüm, a bunlar qırılsınlar! Y u s i f (tərəfə). Yazıq, elə gəlinindən dəm vurur. (Pərzada). A Pərzad nənə! Gəlinin görünür səni çox incidir? P ə r z a d. Bıy, onun görüm şamını qara boyuyum! Elə ki, oğlumun beş-altı şahı pulu var, başına dolanır. Elə ki, yoxdur, biçarənin balasının yediyi çörəyi burnundan gətirir.... Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş-işdən keçibdir.... Y u s i f. Axı, nə çarə qılım? Hərgah qızı mənə vermirlər, mən küclə almayacağam ki? (Tərəfə.) Dilim deyir, ürəyim yox. P ə r z a d. Necə ki, nə çarə?.... Puluna qızırqalanma, belə dua yazdır, kitaba baxdır. Y u s i f (tərəfə). Qəribə avam-avam danışır. (Pərzada.) Sonra nə olsun? P ə r z a d. Heç, nə olacaq? Cadıynan oğlanın da ürəyin bağlat, qızın da. Y u s i f. Pərzad nənə! Bunlar hamısı boş işdir. (Durub gəzinir, tərəfə.) Çıxıb getməz evi yıxılmışın qızı. İndi də cadubazlıq ilə məşğul olacayıq. (Fikrə gedir. Qulu içəri daxil olur.) ONUNCU GƏLİŞ Yusif, Pərzad, Qulu. P ə r z a d. Əbəs yerə fikrə-zada getmə. Bu iş çox az pula başa gələr. Q u l u. Ağa Niyaz bəy sizi görmək istəyir. Y u s i f (təəccüblə). Niyaz bəy? Q u l u. Bəli. Y u s i f (tərəfə). Pərvərdigara! Görəsən nə ittifaq üz veribdir. (Mizin üstünü təmiz edir. Quluya tərəf.) Ay gədə, oraları yığışdır, de, buyursun. (Qulu dişqarı çıxır.) P ə r z a d (durur). Mən də gedim, salamat qal. Amma dediyimi elə, cavansan, yazıqsan. (Gedir). Y u s i f (kitabları duzəldir). Sağ ol! (Niyaz bəy daxil olur.) ON BİRİNCİ GƏLİŞ Niyaz bəy və Yusif. N i y a z b ə y. Səlaməleyküm, Yusif bəy! Y u s i f. Xoş gəlibsiniz, əyləşin. (İkisi də əyləşirlər.) N i y a z bəy. Yusif bəy! (Yusif xəcalətdən jepə baxır.) Mən çox təəccüb edirəm ki, bu vaxtadək siz öz dost-düşməninizi tanımırsınız.... Mənim burada sizinlə açıq danışmağım əbəsdir.... Ümidvaram ki, mən dediyimi başa düşərsiniz. Y u s i f (başı aşağı). Bəli.... N i y a z b ə y. Amma, bağışlayınız, mən sizə nəsihət edirəm. Y u s i f. Niyaz bəy! Mən sizi başdan özümə böyük bilmişəm. Ona görə nə buyursanız, mən sizin qulluğunuzdan çıxmaram.... N i y a z b ə y. Çox sağ ol, əzizim! Bu iş sizin üçün gərəkdir dərs olsun. Adam hər bivəfa adama çörək verib özünə rəfiq etməz. Yaxşı ki, mən işi bir az uzadıb qızın ata və anasını inandırmışam ki, Şamdan əsla layiq deyil ki, ona qız veriblər. Y u s i f (başını qaldırıb). Necə ki?! N i y a z b ə y. Şirvandan onu tanıyan adam gəlib və mən hətta kağız almışam. Görünür, çox nanəcib və bədəsil adamın biriymiş.... Bunu yəqin edəndən sonra fikirlərini dəyişib yenə əvvəlki fikirdə oldular.... Y u s i f (gedib Niyaz bəyin əlindən öpür və Niyaz bəy ona xeyir-dua verir). Niyaz bəy, əvvəldən axıradək mənə ata yerində olubsunuz və təvəqqe edirəm ki, məni bağışlayasınız. Çünki mənim bu işimdə çox zəhmət çəkibsiniz. N i y a z b ə y (ayağa durur, əlini Yusifin çiyninə qoyub). Xudavəndi-aləmdən istəyirəm ki, hər ikiniz ömrünüzü xoşbəxtliklə keçirəsiniz! Və yaman adamın dostluğundan allah sizi saxlasın! Dəxi mənim bir sözüm yoxdur, ancaq təvəqqe edirəm ki, hazırlaşıb bir həftəyədək toy edəsiniz.... Y u s i f (baş əyib). Çox məmnunəm. N i y a z b ə y. Dəxi mən gedim. (Əl verir.) Salamat qal! (Çıxır.) Y u s i f (qapıyadək dalınca gedir). Xoş gəldiniz. (Gələ-gələ). Niyaz bəyin mənim boynumda çox haqqı vardır. Of ... allah! Nə xoş xəbərdi, mən eşitdim!.... Neçə gün idi gözümün yaşı tökülməkdən qurumuşdu.... Başım fikirdən az qalırdı çatlasın. Neçə dəfə istəmişəm özümü həlak edəm.... Çox şükür, çox şükür ki, xoşbəxtlik yenə mənim üzümə güldü!....Zalım oğlu özünü qəribə pis qələmə verdi! (Fikir edir.) Cəzasıdır, qoy çəksin! Ümidvaram ki, bundan da pis günə düşə.... (Fikrə gedir.) (Murad tez içəri daxil olur) ON İKİNCİ GƏLİŞ Murad və Yusif. M u r a d. Yusif! Muştuluğumu ver, iş düzəlibdir. Y u s i f (gülə-gülə). Sən ver, mən səndən tez bilmişəm. M u r a d. Sən mənim canım!? Y u s i f. Sənin canın üçün. M u r a d. Hardan bildin? Y u s i f. İndicə qızın dayısı gəlmişdi, o dedi. M u r a d. Niyaz bəy? Y u s i f. Bəli. M u r a d. Səndə xəbər varmış. De görüm, nə söhbət etdi? Y u s i f. Söhbət çox oldu, sonra danışarıq.... Xülasə, nə istəyirsən, iş qurtarıbdır. Bir həftədən sonra toydu. M u r a d (əlini-əlinə vurur). Ay can! Amma o zalım oğlunun acığına gərək bir iş edək ki, utandığından ölə. (Bu vaxt Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul və Sultan daxil olurlar.) ON ÜÇÜNCÜ GƏLİŞ Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul, Sultan, Murad və Yusif. R z a b ə y. Sizə demədim, Murad indi orada olacaq? H a m ı s ı. Salaməleyküm. (Yusifə və Murada əl verirlər.) H e y d ə r bəy. Yəqin muştuluq almağa gəlibdir. (Hamı gülür). M u r a d. Elə ondan ötəri gəlmişdim, amma Yusif qabaqladı. H a m ı s ı (Yusifə tərəf). Necə ki? Y u s i f (gülə-gülə). Niyaz bəy buraya gəlmişdi, o dedi. H a m ı s ı. Çox yaxşı! Y u s i f. Əyləşiniz. (Hərə bir stul ustə oturur.) R z a b ə y. Bəli, indi toya hazırlaşmalıdır. H a m ı s ı. Əlbəttə, əlbəttə. H e y d ə r b ə y. Keçən gecə İsrafil bəylə qəstində əyləşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qəstin yiyəsi ilə dava edir. Söhbətlərindən belə məlum oldu ki, neçə gündür qəstində yeyib-içib, indi pul istəyirlər, deyir yoxdur. Qəstin sahibi də şələsini dalına verib qovaladı. H a m ı s ı. Ay nə olubdur! N ə c ə f b ə y. Hələ bundan da pis gün görəcəkdir. H a m ı s ı. Qoy görsün, əməlinin meyvəsidir. R ə s u l. Dünən də bizə gəlibmiş. Evdə olmamışam. H a m ı s ı. Hə ... Hə ... Genə yavuqlaşmaq istəyir.... Görükür, başına dəyibdir.... R z a b ə y. Hələ onun pis günü daldadır, qoy bir toyu eləyək. Doğrudan, Yusif, toy nə vaxtdır? Y u s i f. İnşaallah, bir həftəyədək! H a m ı s ı. İnşaallah! R z a b ə y (Murada). Sən allah, Murad, toy üçün bir şer yaz oxuyaq. H e y d ə r b ə y. Həqiqət, Nəcəf bəyin toyunda ki, yazmışdın, bir eləsini yaz görək. M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilə oxumaq olar. R ə s u l. Yanındasa, görək necə şeydir. H a m ı s ı. Doğrudan, bir bax görək. M u r a d (əlini qoynuna salıb çıxarır.) Budur, tapdım. (Hamı gedib onun yanına kağıza baxır). R z a b ə y. Bir oxu görək, necə şeydir? M u r a d. Hamısını hələ qurtarmamışam. H e y d ə r b ə y. Zərəri yoxdur, oxu görək necə şeydir. (Murad oxuyur.) H a m ı s ı. Bərəkallah! İndi qoyun hava ilə oxuyaq. (Myrad qabaqda oturub, onlar dalda, oxuyurlar). Gecə aydın, yuxum gəlməz yatmağa, Gül üzündən yarım qoymaz dadmağa, hay dadmağa, Bülbül düşüb ayrı güldən, çöllərə, Necə deyim dərdimi mən ellərə, hay ellərə. İnsan gərək ağa olsun dilinə, Gətirməsin heç vaxt pis söz dilinə, hay dilinə. Yaxşı olmaz yoldaşlıqda xəyanət, Tutar çörək gözlərini həməvaxt, hay həməvaxt. PƏRDƏ * * * Dördüncü məclis Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kənarında kürsülər. Bağçada qaranlıqdır. Şamdan bəy dəli halətində, tək bağçada gəzinir, köhnə paltarda, başı açıq, qorxa-qorxa danışır. Ş a m d a n (ətrafa baxa-baxa). Yaxşı vaxt tapıb gəlmişəm ... heç kəs məni burada görməz.... Yusif Xədicə ilə hər axşam burada çay içirlər. Bu ağacın dalında gizlənib gələndə ikisini də burada gərək bu (xəncər əlində) xəncər ilə öldürüm.... Qoymaram Yusif mənim çörəyimi əlimdən alsın.... (Birdən diksinir.) Vay! (Ətrafa baxır.) Gərək ki, gələn var.... (Bir az fikirdən sonra.) Yox, heç kəs yoxdur. (Gedib bağçadan Yusif olan evə baxır.) Ax, namərd! Əlimdən dövləti yaxşı aldın, dədəmə od vurdun.... Bax, Xədicə çıxdı... Sənin boyuna qurban!... Dərdindən gör mən nə hala düşmüşəm... Yox, Xədicə deyilmiş. (Gəzinir. Bir az fikirdən sonra.) Pərvərdigara! (Ətrafa baxır.) Mən nə səbəbə buraya gəlmişəm?.... (Fikrə gedir.) Hə ... Hə.... (Bərkdən.) Gərək öldürəm.... Onları öldürəndən sonra özümü də öldürrəm.... Çünki bundan da pis gün görmək istəmirəm.... Bundan sonra qalıb nə edəcəyəm?.... Yemək yox, içmək yox, dost yox, aşna yox.... Hamı məndən qaçır.... Səbəbi? (Fikir. Bərkdən diksinir.) Vay, gəldilər.... (Qaçıb gizlənir. Ətrafa baxır.) Yox, gələn yoxdur.... (Üstünə baxır və əli ilə ətrafı yoxlayır.) A kişi, insafdır ki, belə xoşbəxtliyi əlindən verəsən?.... Gələsən bu bağçaya od vuram? Onda hamı tökülüb gələcək.... Qarışığa salıb hamısını öldürərəm. Uf, nə bədbəxt oldum.... (Tez-tez diksinib dəli məqamına gəlir.) Hə.... Gəlir!.... (Ağacın dalında gizlənir.) Qoy gəlsin.... Oturanda.... Mən dalından başını kəsib ataram. (Yavaş danışır, guya gözünə Yusif görünür.) A.... Yaxşı əlimə düşübsən. (Guya Yusif gəlib oturur. Şamdan yavaşdan xəncəri qaldırıb vurur.) A.... İndi qal yerində.... (Gəlib baxır, guya ölübdür.) Mən indi nə edim?.... Ha?.... (Özünü itirir.) Yox.... (Bərkdən qışqırır, özünü tamam itirir.) Mən ... mən.... (Xəncəri öz qarnına vurub ağacın dibində yıxılır.) Uf!.... Uf!.... (Ölür.) ƏVVƏLİNCİ GƏLİŞ Qulu əlində çıraq bağçaya gəlib mizin üstünü çay içməkdən ötəri hazır edir və qeyriləri bağçada elə gərək gəzsinlər ki, guya Şamdanı görmürlər. Q u l u (tək, danışa-danışa mizin üstünü hazır edir). Xədicə xanım görükür, Yusif bəyi çox istəyir. Lap onu uşaq kimi bəsləyir. Yaxşıca yatmışdım, gəlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elə, indi Yusif ağa gələcəkdir, çay içsin. Deyirəm, ay xanım! Axı niyə evdə içmir? Deyir ona bağçada xoş gəlir. Nə bilim, vallah, evdə Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstə gəzin ki, onu durquzmayasınız. Səhər də duranda evdə nə ki qulluqçular var, gərək onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedə. Arvad da deyəndə belə olar. Mən yanı deyirdim ki, mənim də arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı səhər durub məni öpməkdənsə iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gətirir.) Gözümdə qaldı, bir gün oturub saqqalıma həna yaxa. Görüm gorbagor olsun, necə ki, oldu! O gün Yusif ağa deyir ki, "sənə arvad alacağam". Deyirəm ki, allahı sevirsən, ağa, bu fikrə düşmə. Ondan ötəri ki, əvvəl genə canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdərim qarnıma gedər. Qocası olsa, genə yaxşıdı, hər deyəndə döymək olar. Amma Nazlı kimi olsa, ərinin saqqalını yolan kimi mənimkini də yolar.Yox, istəmirəm.... Arvadsız da yola gedərəm.... (Birdən əlindən stəkan düşüb sınır.) Vay! Gör sən allah, mən arvadı neyləyirəm: əlim titrəyir, başım titrəyir, bir ayağım burda, birisi gorda.... Bunları yığışdırım. (Stəkanın qırıqlarını yığır. Nazlı əlində şəkərdan, bir də çaynik içəri daxil olur və Qulunu belə görüb acıqlı deyir). İKİNCİ GƏLİŞ Qulu və Nazlı. N a z l ı. Ay əli qurumuş, bunu nə üçün sındırdın? Q u l u (acıqlı baxır). Əlin də qurusun, dilin də. Mən ki, sındırmadım, özü düşdü.... N a z l ı. Yalansa üzünü mürdəşir yusun! Q u l u. Mürdəşir sənin əzizdərini yusun! N a z l ı (gəlib əlindən dəsmalı alır və stəkanları başlayır silməyə, Qulunu itələyir). Get, rədd ol. Ver mənə, sən get çörək gətir. Gör çörəyi də salıb dağıda bilərsənmi? (Qulu acıqlı baxa-baxa gedir.) Q u l u. Kökün kəsilsin. (Gedir.) N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş də deyəndə adamı yarıtmaz. İndi mən Xədicə xanıma nə cavab verəcəm? (Çaynikə su açır.) Ah.... Bu da bir iş imiş! Bu gecə vaxtında bağda oturub çay içmək nədir? Qaranlıqda göz-gözü görmür.... (Qulu tələsmiş əlində çörək gəlir.) ÜÜÇÜNCÜ GƏLİŞ Qulu və Nazlı. Q u l u. Tez ol, ağa da, xanım da bu saat gəlirlər. (Nazlı tələsib nəlbəkinin birini salıb sındırır.) N a z l ı. Bay, evin yıxılsın! İmansız o qədər tələsdirir ki, nəlbəkini də sındırdım. Q u l u. Canın çıxsın, bərk tut. N a z l ı. A səni görüm yarımayasan. Sən olmasaydın mən də sındırmazdım, elə tələsdirirsən ki, adam bilmir nə eləsin. Q u l u. Çox danışma, tez ol yığ, görməsinlər. (Tərəfə baxır.) Odu, gəlirlər. (Nazlı tez hər şeyi hazır edir. Xədicə içəri daxil olur, çəkilib kənarda dypup.) X ə d i c ə. Aj Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gəlsin. (Oturur). N a z l ı. Xanım, gədən salıb istəkanı da, nəlbəkini də sındırdı. X ə d i c ə. Nə edək, görünür yazıq qocalıb, gözləri görmür. (Xədicə Yusif üçün çay tökür. Nazlı gedir və o saat Yusif daxil olur.) DÖRDÜNCÜ GƏLİŞ Xədicə və Yusif. Y u s i f (gəlib əyləşir). Bu gün qəzetdə oxuyub görürəm ki, bir şəhərdə məhəbbətdən bir ayın ərzində iyirmi adam ölübdür. X ə d i c ə. Övrət, ya kişi? Y u s i f. 15 kişi, 5 övrət. (Çay içir.) X ə d i c ə (özünə çay tökür). Həqiqət, məhəbbət edən şeyi heç bir şey edə bilməz. Y u s i f. Bunların ölməklərinə səbəb səbirsizlikdir. X ə d i c ə. Yusif demə heç, vallah, insan bir halətdə olur ki, heç tab gətirməyə səbir qalmır. Y u s i f. Doğrudur. Amma səni inandırıram ki, hərgah bizdə səbir olmasaydı, biz də bədbəxt olmuşduq. X ə d i c ə (gəlib Yusifin yanında əyləşir və əlini əlinə alır). Sənin canın üçün elə ki, iş aşkar oldu və bildim ki, biinsaf oğluna söz veriblər, neçə dəfə istəmişəm özümü həlak edim. Yenə demişəm qoy görək axırı necə olacaqdır. Y u s i f. Mən də elə fikirlər ilə özümü saxladım. X ə d i c ə. Hərçənd bu yolda çox göz yaşı tökmüşəm, amma yenə allah-taala hamını belə arzusuna yetirsin, necə ki, bizi. Y u s i f. Xədicə! Məhəbbət, həqiqət, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir. X ə d i c ə. Ağıllını da dəli!.... Y u s i f. Bəli, o intiha dərəcəsidir. (Çay içir. Qulu gəlir.) BEŞİNCİ GƏLİŞ Qulu, Xədicə Yusif. Q u l u. Ağa, vallah bu Nazlı mənə göz verir, işıq vermir. Gəlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi.... Y u s i f. Nə istəyir? X ə d i c ə (gülə-gülə). Görünür, stəkan-nəlbəkini sındırmağın üstə. Y u s i f. Qulu sındırıbdır? Q u l u. Xeyr, canım! Stəkanı mən sındırmışam, nəlbəkini o özü. X ə d i c ə. Ha ... Ha.... (Gülür.) Hamısını sənin üstünə atıbdır. Q u l u. Di gör, cən allah! (Nazlı içəri daxil olur.) ALTINCI GƏLİŞ Nazlı və qeyriləri. N a z l ı. Xanım! Niyaz bəy gəlib deyir ki, əgər çay varsa, gəlim içim. X ə d i c ə. Var, de gəlsin. Y u s i f. Ay qız, bu Qulunu nə üçün incidirsən? N a z l ı. Mən neyləmişəm? X ə d i c ə. İndi gəlib sənin əlindən şikayət edirdi. Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi də başım ağrıyır. Y u s i f ,X ə d i c ə. (gülürlər). Ha!.... Ha!.... N a z l ı (Quluya). Yavaş, gözünün ikisini də çıxardacağam.... Y u s i f. Yaxşı, bəsdir. (Nazlıya.) Get Niyaz bəyə de gəlsin. (Nazlı gedir). X ə d i c ə (Quluya). Ay Qulu, sən onun sözünə baxma, o cavandır, sən qoca, ona niyə qoşulursan? Q u l u. Vallah, ay xanım! Mənim onnan işim yoxdu, özü də həmişə mənə sataşır. Yatıram, gəlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşləyirəm, deyir sən bacarmırsan. İşləmirəm, deyir tənbəlsən. Axı, mən başıma nə daş salım.... Dünən də gedib Nigar xanıma şikayət eləyir ki, mən plovun qazmağını altından çıxardıb yemişəm. O da bu sözə inanmayıb ağzına gələni ona deyibdir. Y u s i f. Yaxşı, bəsdir, get. Q u l u (gedə-gedə). Nazlının işini yaxşı xarab elədim!.... YEDDİNCİ GƏLİŞ Niyaz bəy və qeyriləri. Yusif və Xədicə yerlərindən dururlar. N i y a z b ə y (Yusifə). Qəribə ləzzət aparırsınız! Y u s i f. Necə ki? (Xədicə çay tökür.) N i y a z b ə y. Dəxi necə olacaq? Belə gecədə, bu bağçanın içində oturub çay-içmək nəyə desən dəyər. X ə d i c ə. Elə də pis öyrənibdir, ay dayı, evdə iki stəkan içəndə burada dördünü içir. (Niyaz bəyə çay verir.) Y u s i f. Həqiqət, elədir. N i y a z b ə y. Elə də gərək olsun. (Fikir.) Təzə xəbər eşidibsinizmi? X ə d i c ə,Y u s i f. Yox nə var? N i y a z b ə y. Şamdan dəli olubdur.... (Xədicə danışmayıb təəccüblə Niyaz bəyə baxır.) Y u s i f. Jox, ha? N i j a z b ə j. Sizin canınız üçün. Y u s i f (fikrə gedir). Kim dedi? N i j a z b ə y (çay içə-içə). Mən özüm gördüm. X ə d i c ə. Harda? N i j a z b ə j. Dünən bazardan keçirdim. Bir də gördüm ki, biri meydanın ortasında durubdur və xalq də başına yığılıb. Yavuq gedib görürəm ki, bir cındır paltarda üzü-gözü torpağa bulaşmış adamdır. Diqqətlə baxıb görürəm ki, hənuz özü.... Yazığım gəldi. Amma qoy hələ bu gündə olsun ki, qəbahətini anlasın. Y u s i f. Yəqinimdir ki, indi başa düşübdür və çox da peşmandır. Elə ki, mən onu tanımışam heç kəs tanımaz. İnandırıram sizi ki, hərgah bir də fənd bağlaya, çox işlər körər. N i j a z b ə j. Jox.... Dəxi ölən yeridir ki, ölübdür. A kişi, bilmirsən bu zalım oğlu dünyanı bir-birinə necə vurdu. (Nazlı gəlir.) SƏKKİZİNCİ GƏLİŞ Nazlı və qeyriləri. N a z l ı. Xədicə xanım, səni Hacı ağa çağırır. (Xədicə gedir). N i y a z b ə j. A kişi, mənim və Hacı İbrahimin yanında bir cürə söhbət edibdir ki, lap quruyub qalmışam. Y u s i f. Haçan? N i j a z b ə y. Pəh.... Görükür xəbəriniz yoxdur. Qıza hələ elçi göndərməmişdən əvvəl Hacı eşitmişdi ki, qızı istəyir. Bunu bir gün qonaq çağırıb istəyir ki, iidi bundan söz alsın. Mənim yanımda özünü bir dərəcəyə çıxartdı ki, özüm də mat qaldım. Y u s i f. Yaxşı, nə deyirdi ki? N i y a z b ə j. Dəxi iə deyəcək. Deyirdi ki, belə basdım, belə kəsdim. Nə bilim, qubernator mənim xatirimi belə istəyir, filan knyaz məni belə qonaq elədi, filan xan mənimlə belə rəftar elədi. Sizin canınız üçün, mən onun yerinə qızarmışam. Y u s i f. Hacı da, görükür, inanıbdır. N i y a z b ə y. Bəs nədir. Elə gedəndən sonra mənə deyir ki, gördün necə hünərli oğlandır. Buna qızımı verməyib kimə verəcəyəm. Sonra da bu iş aşkar olandan sonra özü məni çağırıb deyir ki, mən böyük səhv etmişəm. A kişi, təəccüb orasıdır ki, özü yalan deyir öz yalanına da özü inanır. H a m ı (gülürlər). Ha! Ha! Ha! (Hacı İbrahim, Nigar və Xədicə daxil olurlar.) DOQQUZUNCU GƏLİŞ Yusif, Niyaz bəy, Hacı İbrahim, Nigar və Xədicə. H a c ı İ b r a h i m. Yenə nə var, gülürsünüz? (Yusif və Niyaz bəy ayağa dururlar.) N i y a z b ə y. Heç.... H a c ı İ b r a h i m. Doğrudan nə var? (Hərəsi bir kürsü üstə əyləşir.) N i y a z b ə y. Zalım oğlunun sözünü danışırıq. N i g a r. Şamdanınmı? Y u s i f. Bəli. N i g a r. A bala, Xədicə, ağana çay tök. Evdə içmədi ki, gedərəm bağçada içərəm. H a c ı İ b r a h i m. Allahı sevirsiniz, qoyun qalsın. Öz bəlasını allah ona veribdir. Mən bircə Yusif bəyə təəccüb edirdim ki, ona necə aldanıb, halbuki neçə vaxt da onunla dostluq edibdir. N i y a z b ə y. Söz odur, hünər elə gərək. Y u s i f b ə y. Xeyr, xeyr.... Bir hünər istəməz ki, bu aşkar şeydir. Mən on il bundan müqəddəm onunla bir yerdə oxumuşam. Və oxuyan vaxtda mənim həqiqət, bununla yeyib-içməyim bir yerdə olubdur və bir elə ittifaq da düşmüyübdür ki, mən onu əməlli tanıyam. Zira ki, oxuyan zaman da zindəganlığımız uşaq zindəganlığı kimi keçibdir, fikrimiz ancaq oxumaqda olubdur. Bu zalım oğlu on ildən sonra gəlib. Dəxi mən nə bilim ki, bu nə tövr adamdır. H a c ı İ b r a h i m. Bəli, adam tanımaq çox çətindir. N i g a r. Sənin özün də ona lap aşiq olmuşdun. N i y a z b ə y. Mən ki, onu elə gördüm, çox adamın evini yıxardı. X ə d i c ə (əlində stəkan istəyir Şamdan tərəfə su töksün. Birdən onu uzanmış görüb bərkdən çığırır və stəkanı əlindən buraxıb). Vay! (Bu vaxt qeyriləri gəlib Xədicə duran yerə, ölünü görüb hamısı heyran qalırlar və Yusif baxıb deyir.) Y u s i f. Axırda bu günə düşməyin təbiidir.... Yaman dil başabəladır! Xain və yalançı bir adamın aqibəti belə olur. Bu zavallının məhv olmağına səbəb nə oldu? Camaatın ittifaqı! Belə bir ittifaq ilə yaman vücudlardan topsuz-tüfəngsiz xilas olmaq həmişə mümkündür.... PƏRDƏ * * * Kitabxana.az · https://kitabxana.az/collections/nerimanov-samdan-bey İctimai mülkiyyət (müəllifin vəfat ili: 1925). Public domain (author died 1925). Original text only.