Qəzəllər Mir Möhsün Nəvvab (1833–1918) Ey bivəfa, qoyubsan əcəb qalə tək məni Ey bivəfa, qoyubsan əcəb qalə tək məni, Hicran odun əhatə edib halətək məni. Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür, Etdin kəbab atəşi-çüvvalətək məni. Allah rizası etməginən xar eşqdə, Aşiqlər içrə dağlama sən lalətək məni. Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən, Eylə yəqin ki, yandıru səd salətək məni. Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin Divari-qəmdə nəqş olan əşkalətək məni. * * * Hər zaman gul yuzunu murği-ravan eylər yad Hər zaman gul yuzunu murği-ravan eylər yad, Bülbülü bismilu şuridə kimi eylər dad. Sənin eşqində mən, ey şəkkəru şirin hərəkat, Caparam dağı, daşı necə capıbdır Fərhad. Gecələr əşki-qəmə qərq oluram subhə kimi, Subhlər şamə təki eylərəm ahu fəryad. Mən necə şad olub meyli-gulustan edim, Xaneyi-səbrimi hicranın edibdir bərbad. Eşq oduna o zamandan ki, düşübdür Nəvvab, Olmayıb bircə zaman möhnəti-qəmdən azad. * * * Hicrani-yar eylədi halu dilim xərab Hicrani-yar eylədi halu dilim xərab, Suzi-dərunim etdi cahan əhlini kəbab. Könlüm quşunu gör, necə puriztirabdır, Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab? Dərdi-fəraqinlə tökər əşk gözlərim, Mirab nə etdi boylə ki, təqdir edər gulab? Zahid məni o mahivəş eşqində mən edər, Pabənd olur o xalu xətti görsə şeyxu şəab. Et bərkənar zülfünü ol ruyi-mahdan, Ta infəal eyləyə bir goydə afitab. Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə, Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab. Nəvvabi-zarə eşq yolu munhərif olub, Nuri-ruxunlə gostər ona bir rahi-səvab. * * * Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet, Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet. Qoncə tək qan oldu bağrım gülüstani-dəhridə, Gül kimi pəjmurdə oldum, ey xudaya, dadə yet. Bülbüli-şeyda kimi naləm cahanı culğadı, Gül səfasın gorməmiş oldum, ey xuda, fəryadə yet. Badə vəslilə sərşar olmadım sağər kimi, Əşki-xunin ilə doldum, ey xuda dadə yet. Bir guluzlu yar vəslin görmədim Nəvvab tək, Covri-əğyar ilə soldum, ey xuda, fəryadə yet. * * * Qəmi-hicrində bimarəm mən, ey dost Qəmi-hicrində bimarəm mən, ey dost! Zəlilu acizu zarəm mən, ey dost! Gecə-gündüz cəkıb rəncilə zəhmət, Gözümdə uyqu yox, bidarəm, ey dost! Cəhanın əhlinə cox-cox əzizəm, Hüzurunda necun bəs xarəm, ey dost! Sənin eşqində, ey şuxi-dilaram, Fəğanu ahilə xunbarəm, ey dost! Qalıb Mənsur tək dari-sitəmdə, Həyatımdan belə bizarəm, ey dost! Olubdur bülbüli-şuridə Nəvvab, Giriftari-qəmi-didarəm, ey dost! * * * Neyləyim, oldu bahar amma baharım gəlmədi Neyləyim, oldu bahar amma baharım gəlmədi, Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi. Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim? Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi. Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər, Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi? Vədə verdi, sındırıb əhdini, oldu bivəfa, Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi. Bülbüli-şeyda kimi naləm tutubdur aləmi, Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi. Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər, Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi. * * * Zindani-qəmdə oldu gunum qarət ağlaram Zindani-qəmdə oldu günüm qarət ağlaram, Sövdayi eşqində çəkib zillət ağlaram. Zülfün havası ilə olub tirətər günüm, Qalu bəlada hicrin olub qismət, ağlaram. Ahimlə dövri-şəmsü qəmər halə bağlayıb, Bir dəm sənlə eyləmədim söhbət, ağlaram. Bülbül kimi nəvayə gəlib eylərəm fəğan, Hicri-rüxündə oldu kəman qamət, ağlaram. Ahu fəğanım ərşə çıxıb, dilbəra, nedim? Sənsiz məni əhatə edib möhnət, ağlaram. Kuyində sərfəraz olubdur rəqiblər, Edirlər hər zaman mənə min töhmət, ağlaram. Əncümşümar olubdu fəraqində gözlərim, Yadi-vüsalın ilə çəkib həsrət, ağlaram. Nəvvabtək alıbdı əlimdən təvanımı, Bitaqət eyləyibdi məni firqət, ağlaram. * * * Kitabxana.az · https://kitabxana.az/collections/nevvab-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.