Şeirlər Nişat Şirvani (1690–1740) Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzmə Saqın ey qönçə dəhən gül kimi xəndan gəzmə, Dağıdıb zülfü pərişan-pərişan gəzmə Gəzmə, qurbanın olum, qədrini bilməzlər ilə, Qorxaram hüsnünə nagəh yetə nöqsan, gəzmə Əzizim, istər isən şöhreyi-şəhr olmayasan, Seyri-bazar edib əğyar ilə meydan gəzmə El yaman-yaxşı deyir, gəzmə bu kafirlər ilə, Sənə yüz kərrə dedim: gəzmə, müsəlman, gəzmə Ey Nişat, sən sərkuyində müqim ol yarın, Gəşti-bağ eyləmə, gül-bağ ilə bustan gəzmə * * * Qəzəl: Qönçə tək eldən kişi sirrin nihan etmək gərək Qönçə tək eldən kişi sirrin nihan etmək gərək, Aşiqi-yekrəng olan bağrını qan etmək gərək Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək, Dərdi bir dərd əhlinə xatirnişan etmək gərək Xalqdan tərki-əlaqə eyləyib ənqa kimi, Bir qənaət guşəsində aşiyan etmək gərək Yaxşı gündə bilmək olmaz kim diyanət kimdə var, Yaxşı yoldaşı yaman gün imtahan etmək gərək Ey Nişat, ox tək sözündən hər kimə səhm əkinər, Belədir, doğru sözü xatirnişan etmək gərək * * * Qəzəl: Zülfi-siyahın oldu bu gün hüsnünə niqab Zülfi-siyahın oldu bu gün hüsnünə niqab, Axşam araya düşdü, qürub etdi afitab Xət pozdu isə hüsnünü, qaşın yerindədir, Mehrab yerindədir, ola məscid əgər xarab Qaşdan kənarə çəkdi bu yüzdən özünü xət, Hər kəs ki əyri ola, gərək ondan ictinab Qəddin bərabərində sürahi sücud edər, Ləli-ləbin yanında ayağa düşər şərab Əmmək dilər dodağını bu binəva Nişat, Yaxşı duadır, eyləmişəm, olsa müstəcab * * * Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verir Şuri-cünuni-aşiqin başına rifət verir, Hər kəsə dünyada haqq əqlicə dövlət verir Qanım içərkən bular çeşminə eyni-səfa, Elə ki meyxarələr bəzminə zinət verir Harda görürsən, könül, yar dolan başına, Sanma ki dövran sənə bir daha fürsət verir Surəti-halın demək aşiqə lazım deyil, Yüz verə iqbal əgər bəxt özü surət verir Gövhəri-nəzmin, Nişat, eyləmə hər pərdə sərf, Bir belə bazarda kim sənə qiymət verir * * * Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı, O bir əyyar hindudur kim olmaz fitnədən xali Şəbi-hicran nə nəhvilə ki sərf olmuşdur əhvalım, Bəyan etsəm əgər yara olurmu bilməzəm hali Vüsalın surəti yoxdur əgər eşq olmasa kamil, Ki dün halım görüb vaiz bana çəkdi bu timsali Basa hər pərdə qan tökdüm, ciyərdən qalmadı rəngim, Sürahi tək bu vəchilə uçurdum çehreyi-ali Həvadan düşdü könlüm cism ü can əfsürdə olmaqdan, Düşər pərvazdan bir quş şikəst olsa pərü balı Yüzün döndərdi məndən, bilməzəm, olmaq nədir vəchi, Kimin kim bəxti yar olmaz, dönər idbarə iqbali Nigara, bir tərəhhüm qıl, Nişat əftadə qalmışdır, Hina tək qoyma kim qalsın bəla vü qüssə pamalı * * * Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə, Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə Mənim cananımı görsən, dolan başına gül tək, De əhvali-pərişanım ona yalvara-yalvara Əzizim, aşiq incitmə ki heç Allah xoş görməz, Əlindən gəlsə xeyr elə mənim tək xar olan zarə Nə müddətdir giriftaram, sənə bir xoş günüm yoxdur, Olubdur, ey gözüm nuru, həmişə meylin əğyarə Gəlib ruxsarına xətin pərişan oldu əhvalım, Fəğan kim eyləmiş dövran bu vəchilə günüm qarə Əsiri-hüsnün oldum ta tökər qan mərdümi-çeşmim, Giriftar olmasın heç kəs sənin tək mərdümazarə Bir insaf eylə, vəslindən Nişatın könlünü şad et, Yazıqdır, qoyma kim qalsın sərkuyində avarə * * * Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasında Vəfa məğzi nə mümkündür ola hər baş arasında, Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında O qaşilə gözün fikri mənim könlümdə pəyvəstə, Əlifdir katibi-qüdrət çəkibdir qaş arasında Tutubdur səxt yer könlümdə bir gülçöhrənin mehri, Necə kim müstətirdir od şərari daş arasında O qaşilə gözün axır könül sirrini faş etdi, Xətadır qan işi tutmaq yaman yoldaş arasında O bəzm içrə kim ol xunxar içib mey zövq edər, mən həm, Olaydım xuni-dil birlə o bəzmin, kaş, arasında Nişata, açma kakildən daxi bir sozişi-hicran, Ki kəc sərriştə bicadır, demək pərxaş arasında * * * Qəzəl: Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər, Xof ilə bu sərmənzili heybətlü deyirlər Ol kəs ki içibdir meyi-peymaneyi-eşqi, Heyvan suyu tək nəşəlü, ləzzətlü deyirlər Ol taifənin atdığı hərgiz yerə düşməz, Aşiq olanın ahını ülfətlü deyirlər Müşkildə qalıbdır bu Nişatın, tut əlindən, Ya şahi-vilayət, səni mürüvvətlü deyirlər * * * Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm, Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm Rahi-eşqində dil ü canımı nəzr eyləmişəm, Hər cəfa eylərisən, eylə, peşiman deyiləm Aşina sən yetimi məndən edirsən ikrah, Sənə mən qurban olum, mən məgər insan deyiləm Sən müsəlman bilübən nifrət edirsən məndən, Sənə aşiq olalı mən də müsəlman deyiləm Dili pürqüssə Nişatam, yüz əgər olsam bəd, Sən kimi zalim, bimürvət, biiman deyiləm * * * Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevda Təzədən düşdü yenə başıma sevda-sevda, Eşq odu qıldı məni aləmə rüsva-rüsva Görüm, ey şux, səni dərdi-bəla çəkməyəsən, Saxlasın cümlə bəladan səni mövla-mövla Yarəb, ol günlər olurmu yari-məstanə görüm, Ələ dutmuş qədəh ü sağəri-mina-mina Gəh bir Leyli məni eylədi Məcnun-Məcnun, Mənzilim oldu gəh damani-səhra-səhra Düşübən eşq odına, sən də mənim tək yanasan, Görəsən kim nə çəkir aşiqi-şeyda-şeyda Ey Nişat, eylə müdara sitəmi-yar ilə kim, Eşq əhlində gərək hövsələ dərya-dərya * * * Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdüm Başdan ki xəyali-kəcrəv kakilə düşdüm, Təng oldu ara yerdə işim, müşkilə düşdüm Hər bəzmə ki basdım ayaq, əftadəlik etdim, Peymanə kimi dəstinə əldən ələ düşdüm Xali-siyəh etmiş məni avarə vətəndən, Bir dənə üçün quş kimi eldən elə düşdüm Qüdsilər ilə aləmi-əqdəsdə gəzərkən, Yarəb, neyləmişdim ki bu abü gilə düşdüm Hər su özümü şövqilə kim mövc tək atdım, Bi gövhəri-məqsud gənə sahilə düşdüm Qürbətdə, rahi-səydə, əsbabi-həsrətlə, Asudəliyim olmadı, hər mənzilə düşdüm Gər misli-hübab özgə həva başıma düşdü, Bir dəmdə evim tikdim, yıxdım, yola düşdüm Yüz görmədim əzbəskə Nişat əhli-vətəndən, Bu vəchlədir, baş alıbən, yad ilə düşdüm * * * Qəzəl: Sənin fərşin ki, zahid, buriyadır Sənin fərşin ki, zahid, buriyadır, Həqiqət mənzilində bu riyadır Riyadır zahidin gərçi namazı, Vəlakin xalq içində xoş ədadır Nigahından o ahu-çeşmin, ey dil, Özün saxla ki ol eyni-xətadır Əcəb yox, kakilindən olmasam şad, Mənim bəxtim ki var başdan qaradır Düşər göz kuyə daim əksi-canan, Könül saf olsa hər mətləb rəvadır Sınıq ney tək havadan düşdü könlüm, Qalıb qəm guşəsində binəvadır Nişatın qəlbini incitmə, ey şux, Sənə nifrin edər əhli-duadır * * * Müxəmməs: Eylədi yar dil ü dinimi viran axır Eylədi yar dil ü dinimi viran axır, Qoymadı məndə o tərsa qızı iman axır, Yoxmudur şəhrdə bir mərdi-müsəlman axır, Ki edə dərdimə bir vəz'ilə dərman axır, Nə deyim, eyləsin Allah özü divan axır Mənə derlər ki unut yarı, unutmaqmı olur, Yüz əgər kafir ola, tərkini etməkmi olur, Hərzə sözdür bu sözü, vay, eşitməkmi olur, Mən nə fikr eylərəm, el ağzını tutmaqmı olur, Deyilər aşiq üçün yüz belə həzəyan axır Nərgis açıldı, bahar oldu, yüzüm gülmədi heç, Girmədi eynimə, sandım ki bahar olmadı heç, Hali-aşüftəmi ol qönçədəhən bilmədi heç, Onsuz əlqissə könül qönçəsi açılmadı heç, Keçdi əyyami-bahar, oldu gülüstan axır Nola kafir qızı bir sahibi-iman olasan, Bircə saət mənə sən bir gecə mehman olasan, Bu yaman gündə mənim dərdimə dərman olasan, Fayda verməz əgər sonra peşiman olasan, Cəhd qıl, olmayasan sonra peşiman axır Ey gül, incitmə Nişatı bu qədər eylə həzər, Həm sənin daxi bu vəchilə günün qarə keçər, Belədir hər kişi öz əkdüyin əlbəttə biçər, Qeyrinə badə verən saqi özü daxi içər, Bir xəyal eylə ki qalmaz belə dövran axır * * * Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalı Göstərdi mənə dün biri bir qaşı hilalı, El bir-birinə mahi-nəvi eylər kimi hali, Qayətdə mənə xoş gəlibən hüsnü cəmalı, Çün aldım atanın əsl kökündən bu sualı, Bir alinəsəbdir dedilər ol güli-ali Nadan ilə heyfim gəlir, ey adəmizadə, Gül yarpağı tək ömri-şəbabın gedə bada, Bil qədri-süxən, kəsbi-kamal eylə ziyadə, Gər təbi-lətifin qıla şairlik iradə, Seyranə gətür hər gecə memari-xəyali Ey pak zəmir, ayineyi-ərseyi-dövran, Şairliyə üz qoyma, edər kim səni heyran, Qürbətdə gərək gün keçirə mərdi-süxəndan, Kəm qiymət olur suda ikən gövhəri-qəltan, Yəni hünər avarə qılar əhli-kəmalı Ney tək nə rəva kim olasan özgəyə dəmsaz, Səyyadi-məani ola gör, ey gözü şahbaz, Həmcins gərəkdir edə həmcins ilə pərvaz, Eyni-tələbin şeir isə ol şairə həmraz, Tuti kimi ta öyrənəsən tərzi-məqali Gər qəlbi-əsəddən çıxar olsan günəş asa, Ay tək on iki bürcü tamam eylə təmaşa, Mizanə düşüb sabit olarsan daxi əla, Gər həmdəm olasan bu Nişat ilə müdama, Qürbətdə daxi qalmaz atanın dərdü-məlalı * * * Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdü Gülzari-məlahətdə gözüm bir gülə düşdü, Ruxsari ara xali-siyəh sünbülə düşdü Bir Leylidən ötrü necə rüsvayi-cahanam, Əfsaneyi-dərdim gəh dildən dilə düşdü Hər aşiqi-şeyda özünü yarə yetirdi, İqbal zəbun oldu, mənimki belə düşdü * * * Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa, Məni üryan ü ləğər görcəkin el baxmadı əsla Şamaxı topraqından ta ki mən qət olmuşam ney tək, Qamışdan ev tikib Salyan mülkün tutmuşam məva Zəbəs ki xanəviranəm, xəyalım daxi viranədir, Yığılmaz bir yerə fikrim ki bir beyt eyləyəm inşa Danışsam hal ü mazidən o bir şərhi-mütəvvəldir, Bir özgə nəhvilə ovqatımı sərf etmişəm bica Nişatam, bir şeyim yoxdur ki beytülmalıma qalsın, Dürri-nəzmimdən özgə əhli-Rum eylər nəyim yağma * * * Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədim Hər təbibə söylədim dərdim dəvasın görmədim, Möhnət ü dərdi-qəmin heç intihasın görmədim, Bu cahanın bir həqiqi aşinasın görmədim, Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim Cövrünü çəkdim əbəs hər nakəsi-bədtinətin, Payimal oldum axır gərdişi-kəm fürsətin, Həm rəfiqü həmdəmin, yarın, həmi həm söhbətin, Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim Verdi hər dəm könlümü tufanə çeşmi-pürnəmim, Əksik olmaqdan mənim gündən günə artar qəmim, Olmadı dünyada hərgiz bir müvafiq həmdəmim, Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim Bəxt isə dönmüş əgər, iqbal isə olmuş yaman, Möhnət ü qəm çəkməyimdən oldum axır mən aman, Qövm ü qardaşı, rəfiqi bir-bir etdim imtahan, Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim Ey Nişat, oldum qəmi-hicrilə sərgərdan həray, Dönmədi rayımla hərgiz gərdişi-dövran həray, Ya əmirəlmöminin, Heydər, şahi-mərdan, həray, Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim * * * Məsnəvi: Ey cəfapişə ki ayini-vəfa bilməzsən Ey cəfapişə ki ayini-vəfa bilməzsən, Rahi-birahə gedib qeyri cəfa bilməzsən Ey ləbi-ləl ki yox mehr ü vəfadan xəbərin, Səxt bimürvət olubsan, necə daşdır ciyərin Şəm tək eşqin odına ki məni yandırdın, Çünki gördün yanıram, çəkdin ətək, yandırdın Səni gördüm, mən əzəl yari-vəfadar oldum, Sözünü söyləyib iqrarıma inkar oldum? Ey mənimlə qılan iqrar edən inkar axır, Rəhmə gəldinmi ola, ey büti-xunxar axır Aşiqi-pak nəzər dilbərini pak istər, Eşqi pak olmayan əlbəttə ki napak istər Hüsn əhlində gərək mehr ü vəfa lütf ü həya, Aşiqin daxi gərək olmaya haqqında riya Qərrə sən gər özünə, etmə gəlin munca xəyal, Ki bu şəhr içrə fələk çoxlara göstərdi zəval Əhli-hüsnün o qədər dövləti payəndə deyil, Eşqin əyyamı kimi xürrəm ü fərxunda deyil Ey gözəllik çəmənində açılan laleyi-al, Bəndənin sözünü dür tək sədəf-guşuna al Tanrı verdi sənə bu hüsnü, məgər cövr edəsən? Sən gərək aşiqinə rəhm qılıb qövr edəsən Ol zamandın ki sənə aşiqi-didar oldum, Gövhəri-hüsnünə can ilə xəridar oldum Mən ki oldum səbəbi-zinəti-ruxsar sənə, Məndən özgə kim idi söylə xəridar sənə Gövhəri-sərf idin, ab ilə rəngin yox idi, Xakə aludə idin, gərd ü qubarın çox idi Həzər et, gövhəri-nasüftəni edərlər süftə, Alan olmaz anı, sən gər verəsən lap müftə Nə deyim, anda sənə mən kimisi var idimi, Ya dürri-hüsnünə bir kimsə xəridar idimi Bağban tək olubən qönçə zamanında sənin, Gül açan dəmdə olurdum daxi yanında sənin Zib ü zinət verübən eylədim adəm səni mən, Eylədin adəm olub aləmə rüsva məni sən Mərdi-sərraf kimi gərd ü qubarın silibən, Bil əyan gövhəri-zatında sifatın bilibən Yəni mən gövhəri-ruxsarına zinət verdim, Canımın nəqdini ol gövhərə qiymət verdim * * * Kitabxana.az · https://kitabxana.az/collections/nisat-sirvani-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1740). Public domain (author died 1740). Original text only.