Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab Məmməd Səid Ordubadi (1872–1950) Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir. Əş’ar Fəna hala düşmüş diyari-Əcəm, Pozulmağdadır rəsmi-talari-cəm. Düşüb şeşdəri-mətə iraniyan, Təzəlzülpəzir oldu taci-Keyan. Əsir baği-İranə badi-səmum, Solub gül, yaxınlaşdı əyyami-şum. Ələm saçdı gülzarə sərdari-ğəm, Hanı əndəlibi-nəsibi-şiyəm? Əcəlzar olubdur xiyabani-bağ, Xəlayiq olur lalətək sinədağ. Ələmpaş məhnətdi səhni-bahar Gülüstani-İran olur şurəzar. Olur xakə məhkum sərvi-çəmən, Gəzir əndəlibanə zağu zəğən. Hökumət həyula, xəlayiq zəbun, Məmalik pərişan, ələm sərnigun. Tutub qəbzeyi-kari hər natəmiz Qoparmışlar İranda bir rəstəxiz. Nə məclis, nə şura, nə bir əncümən, Bu darüssurur oldu darülməhən. Səni kim qılıb belə matəmsəra? Nə aləmdi bilməm, bu nə macəra? Necə qalmayım dami-heyrətdə mən, Ki, sən xaki-xun içrə aludəsən? Siyəhpuş məhnətdi iraniyan Bu nə qəmdir, ey noərusi-cahan? Nə tez cami-alami nuş eylədin? Nə tez milləti nilipuş eylədin? Nə tez söndü simayi pürzinətin? Hanı məclisin, noldu hürriyyətin? «Musavat» ilən qıldın islahi-hal? Dəmi-«Sur» ilən məhv olub qilugal Hanı «Sur», nərdə musavatiyan? Fəramuş olurmu Cahangir xan? Səida, göz aç, çox da xab eyləmə, Səfayi-behiştə şitab eyləmə! Dönüb bax bu İrana, ey namurad, Vətən getdi, məhv oldu ədlilə dad. Rəqib oldu həmxəlvəti-vəsli-yar, Gəzir millətin indi əğyarvar. Səfayi-behişti fəramuş qıl! Turabi-məzarı dərağuş qıl! Ki, ol xakin hər qəbzəsi xundur Ki, xuni-mücahidlə mə’cundur. Nikul etmə, əhdində ol payidar! Məzar içrə ol xaki qoy yadigar. Qiyamətdə baş qaldır ol xakilən, Bu xaki apar sineyi-çak ilən. Rəsuli-xudaya ver ol türbəti, Ona ərz qıl satdılar milləti. Qıl izhar: olmuş vətən çak-çak. Müsəlmana qalmış bu bir qəbzə xak. Səri-karı tutduqca divanələr, Yetir rə’si-məqsudə biganələr. Müxənnəslər olduqca məsnəd nişin, Qalır mübhəmiyyətdə şər’i mübin. Bu mollanüma, sər-səfidan dun Qılır taleyi milləti vajikun. Əsayi mürəssə, əbayi diraz, Mühilani-bədfitrətü firqəbaz Bacardıqca rəngin edib caməsin, Böyütdükcə fərqində əmmaməsin, Edib böylə tərvic şeytanlığı, Kənarə buraxmış müsəlmanlığı. Çıxıb da həyasızlar imandan, Nələr gör çıxarmışla qur’andan?! Deyib olsa məşrutə İranımız, Olur bərhəm islamü qur’anımız. Ey alimnümayi-həmaqətşüar, Edərdin bu İran ilə iftixar. Cəhalətdə qoydun müsəlmanını, Biyabanə döndərdin İranını. Çıxıb yerdən əflakə fəryadü ah! Nə qıldı sizə milləti-bikünah? Əya, sinfi-biar, alimnüma, Əya, xirqəpuşanü, qəlyanü cay! Dəxi salma islamə zəncirini, Dəxi qurma bu dami-təzvirini! Vətən getdi, qalmışla tədbirsiz, Əsiri burax sən də zəncirisiz. Vətən getdi, millət qalıb lailac, Qıl insaf, gəl sən də zənciri aç. Cahanda nə olmuşdu təqsirimiz Ki, məhvi-cahan oldu təsvirimiz? Gedir şə’ni-kaşaneyi-Pişidad, Hanı ol tacidaran valanəjad? Gəlib görsün İranı darülədəm, Bu əhfadı qılmışlar əshabi-qəm. Bu mə’murəni kimlər etmiş xərab? Hanı ol Kəyumərsi-alicənab? Hanı şah Təhmurəsi-karsaz? Firudinu, Huşnəgü ahəngüdaz? Hanı şah Cəmşid, sahib hünər, Mənuçehr, soltani-Keymürğvər? Hanı Zal tədbiri-Turanbəxş, Hanı Rüstəm, ol puri-ərbabi-Rəxş? Ki, İran üçün tökdü göz yaşını, Salıb xakə öz oğlunun başını? Hanı Tus, Kamusi-kərdünrikab, Hanı nozəru rəzmi-Əfrasiyab? Məzari-niyakani-əhdi-Keyan Olur ibrətəfzayi-iraniyan. Hanı heybəti-Kiyvi-sahibsənan? Səyavuşu-Kavusu-Mazandaran? Hanı Keyqubad, ol cahankəşti-pir, Firupərzi-zərqam, küdərzi-sir? Hanı tacidarani-qanunküzar, Keyəxsar, Fərhadu İsfəndiyar? Hanı Bijən, ol cam keytinümay. Fəramərzu, Darabu, Bəhmən, Humay? Göz açmazmı darayi-afaqgir? Yaxınlaşdı can versin İrani-pir! Fəramuşdur əhdi-Sasaniyan, Bu əhd üzrə kimlər qalır hökmran? Hanı şah Şapur, kərdunşikəst, Hanı Ərdəşir, ol təməddünpərəst? Bu əhvala qəbr içrə Tur ağlayır, Məzarında Bəhram-gur ağlayır. Hanı bəs ədalətli Nuşirəvan? Gəlib baxsın İrana qılsın fəğan. Hanı şah Mahmud, sahib kamal, Hanı ol sahibi çaru vala cəlal? Hanı Nadir, ol şahu valahəşəm? Vətən getdi, qoysun rikaba qədəm. Rəzalətlə təzkar olur adımız, Yavuqdur yıxılsın da bunyadımız. Gəlib gör riyakar zahidləri Ki, təkfir edirlər mücahidləri. Bu əşrarı birövnəgü biədəb, Verirlər müsəlmana babi ləqəb. Şəriət gedib əldə bid’ət qalıb, Nə iman, nə məzhəb, nə qeyrət qalıb. Behişti verən millətə puldur... Pul olsa hamı cürm məqbuldur. Pul olsa ibadətdi ətvari-zişt, Pulun yoxsa olmazsan əhli-behişt. Müsəlmansan ağaya versən təam, Təam olmasa küfrsən, vəssəlam! Axunda əgər gəlsə çayüçilov, Olur şövqilə millətə pişrov. Evində əgər görsə boş sufrəni, Yəqin eylə islam bilməz sani. Edər xəttini gündə dörd yol xəzab Olur gündə on siğədən kamiyab. Fəqirin pulun əxz edir biyəya, Yaxır şövqilən bollu rəngühəna. Ucalmış görüb xalqın əfqanını Ucaldır fəqət sovti-qəlyanını. İnanma ki, daim verir xəlqə pənd Bunun dini, imanıdır kəllə qənd. Cənab axund olsa çün xərsuvar, Alır dövrəsini xalq şəhzadəvar. Sürüb eşşəyi küçədə naz ilən, Səlamı alır nazik avazilən. Axundun əli kəf dutur busədən, Utanmır bu ətvari-mənhusədən. Xəlayiq uzaqdan olur xaksar, Kimisi ulağın inanın dutar. Axund eşşək üstündə bililtifat, Motal tək çəkib peysərin qat-qat. Axund hər zaman kim başın tərpədir Ulağın yatıb qarnı yerdən gedir. Girir taki bazarə baehtişam, Əyağa durur, baş əyir xasü am. Dalınca çəkib məscidə mərkəbi, Yetişəcək camaat dutur mərkəbi. Edib kibrli səcdəgahə nüzul, Rüku’ə, sücudə verir xeyli tul. Açan kimi mehrabda caynamaz, Durur əksəri-xalq bidəstəmaz. Namazın qurtardı çıxır münbərə, Qılır və’z biçarə mə’minlərə. Qılır münbəri-pakı biehtiram, Qılır xalqı hər ləhzədə ittiham. Dünən istəmiş olsa bir övrəti, Bu gün siğədən başlayır söhbəti. Kişi sağ olarsa alır dövlətin, Ölən kimi siğə qılır övrətin. Bilir müslümün irzü malın halal, Söyür xalqı şəhr üzrə biğeyli-qal. Dedikcə qayırma rəvayətləri, Salır damə bisahib övrətləri. Səida, qələmdə nə cür’ətdi bu? Yəqin et ki, bicə kitabətdi bu, Açılmışsa gər çeşmi bu millətin Qılar hifz min bəd heysiyyətin. Rzaqulu xanın tərcümeyi-halı Rzaqulu xan 48 sinnində bir milyonçu olub, Fransada Paris şəhərində hüquq elmindən mə’zun qurtarmışdı. Müşarulileyh İranın Paris səfiri İsfəndiyar xan Əminülmülkün oğlu olub 1286-cı sənədə 12 sinlərində ikən atasının məiyyəti ilə Paris şəhərinə getmişdi. 24 sinlərinə qədər Fransanın ibtidai və e’dadi məkatibində hazırlandığdan sonra məşhur Sorbon darülfünununa daxil olmuşdur. 28 sinninə yetişdikdə Sorbon daralfünunun hüquq şö’bəsindən qızıl nişan və iftixar ilə mə’zun olmuşdur. Rzaqulu xan ağıllı bir nəfər çıxıb, alim olduğu kimi, böyük və şöhrətli İran və Fransa ədibi sırasına da keçmiş idi. Parisin teatr və sair ədəbiyyat səhnələrində oxuduğu leksiyalar və müəssir xitabələr ağızdan-ağıza dolaşaraq nəhayət jurnallara və qəzetlərə dərc olunardı. Rzaqulu xan 1302 sənəsində təhsilini qurtarıb İran səfərinə hazırlandığı sırada İranın Peterburq səfiri Mirzə Əbdürrəhimxan Saidülmülk Tehrana iste’fa teleqrafı göndərdiyi üçün İran hökuməti Rzaqulu xanı Peterburq səfarətinə də’vətə başlamışdı. Rzaqulu xan isə səfarət ümurində təcrübəm yox deyə səfarətdən büsbütün imtina edirdi, zira atası İsfəndiyar xan Paris səfarətindən, yainki büsbütün hökumət qulluğundan iste’fa etdiyi sırada nə qədər ki, İranda qanun əsası məşrutə yox isə hökumət qapısına yaxın düşmə, – deyə oğluna tövsiyə etmişdi. Rzaqulu xanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından ma’əda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi, zira Rzaqulu xan ilə həm əqidə olan oğlu müsyö Lui də, Rzaqulu xan ilə məən İran səfərinə hazırlanmaqda idi. Darülfünunun tibb şö’bəsindən mə’zun olduğu gündən Rzaqulu xan müsyö Luini İran səfərinə təşviq edərdi. Zira Rzaqulu xan hər yerdə İranın doktora olan ehtiyacını deyib doktora böyük pullar və’d edərdi. Rzaqulu xan 1302-ci sənənin axırlarında öz doğulduğu və vətəni olan Təbriz şəhərinə gəlib doktor müsyö Luini də öz nişanlısı Liza xanım ilə məiyyətində gətirib Xiyaban məhəlləsində imarət və əşyayi-bettiyyə verib sakin etdirmişdi. Rzaqulu xan İranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. Rzaqulu xan kəndləri xaraba gördüyü üçün əvvəlcə kəndlərin üç sənəlik mədaxilini kəndlilərə bağışladığı kimi, öküzü olmayanlara öküz, toxumu olmayanlara toxum verərək əhalini kəndliyə məxsus bir məişətlə yaşamağa alışdırmaqda idi. Kəndlərin nəzafəti və bir para bidətlərin rəf’i üçün biçarə Rzaqulu xan sənələrcə çalışmağa başladı. Məsələn, övrətlərə saxta xal döydürmək, övrətlər kişilərə qarışıb toylarda oynamaq, kişilər bikar yatdığı yerdə övrətlər kişi yerində işləmək, cüt əkmək kimi işləri büsbütün ortalıqdan götürdü. Bundan sonra Nəsrəddin şahın zatinə xüsusi bir ərizə göndərib İnkiltərənin Tayms kompaniyasına verdiyi imtiyaz kimi bir imtiyaz tələb edib «İslahat» namında bir qəzetə nəşr etdirmək istəyirdi. Rzaqulu xanın bu ərizəsi isə o vaxtlar Tehranda çıxan rəsmi ruznamə olan «İran» nam ruznamənin hey’əti-təhririyyəsi tərəfindən məsləhət görülmədi, ərizə geri qaytarıldı. Nəsrəddin şah islahat hökumətdədir, hökumət özü islahata tərəfdardır, «İslahat» namində qəzetənin vaxtı hələ yetişməyibdir deyə cavab verdi. Bundan da naumid olduğundan sonra Brüsseldən beljik mühəndisi məşhur müsyö Dodu də’vət edib Təbrizdən Tehrana qədər bir tramvay-konka xətti çəkmək həvəsinə də düşdü. Buna cəhət yenə Tehran hökumətinə imtiyazdan ötrü ərizə göndərib bir tərəfdən də müsyö Dodun tədarükünü verərək yolun məsafətini və xərcini təxmin etdirməyə başladı. Otuz min tümən – 60 min manat – xərc olduqdan sonra yolu çəkmək dəxi mümkün olmadı. Zira Mirzə Ələskər xan Əminüssoltan yüz min tümən rüşvət istəyirdi. Müxtəsər, Rzaqulu xan hansı təşəbbüsə başladı isə də yarımçıq qaldı. Nəhayət, öz oğlanlarını və balaca Münəvvəri doktor Luinin övrəti Lizanın təhti-tərbiyəsinə ötürüb yavaş-yavaş nafe kitablardan İran dilinə tərcümə etmək üçün bir darüt-tərcümə tə’sis etdi. Rzaqulu xan böyük oğlu Pərviz xanı mühəndislik, kiçik oğlu Haçı xanı Berlinə məktəbi-hərbiyyəyə, qızı Münəvvər xanımı da yenə Parisdə mamalıq elminə göndərmək istəyirdi. Buna görə hər ildə otuz min tümən Təbrizdəki inkilis əmanətxanasına qoyub uşaqlarının xərclərini tə’min etmək istəyirdi. Avropa qəzetlərində İranın rəzaləti xüsusunda yazılan hər bir məqalə Rzaqulu xanı narahat edərdi. O cümlədən «Tayms» qəzetinin 8169-cu nömrəsində tələbə imzası ilə yazılan məqalə idi. O məqalədə İranın vəziri-hərbiyyəsi olan Süpəhdari-ə’zəm təhqir olunmuşdu. Rzaqulu xan İranda hansı işə iqdam etmək istədisə də müvəffəq olmadı, zira o vaxtlar bir milyon sərmayə ilə bir işə iqdam etmək istəyən zat haman pulu büsbütün hökumət kişilərinə rüşvət verməli idi. Bundan da əlavə Rzaqulu xana fe’l ilə, pul ilə müavinət edən deyil, qövlən, lisanən də müavinət edən yox idi. Fəqət bir-iki nəfər millətin nizamiyyə müəllimlərindən tibb müəllimi Məhəmməd Cəfər xan, elmi-həndəsə müəllimi Məhəmməd Mirzədən ibarət idi. Bunlar isə sair millətin üzvlərinin hökumətə verdiyi raportlardan qorxduqları üçün Rzaqulu xana yaxın düşə bilmirdilər. Rzaqulu xan həmişə hökumət kişilərinin əhaliyə olan zülmlərindən yazmağı üçün daima hökumət nəzərində müqəssir sayılırdı. Bir tərəfdəndə kəndlilər içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. Ancaq Rzaqulu xanı ən ziyadə məşğul edən övrəti Böyükxanımın tərbiyəsizliyi və tərəqqiyə qarşı zidd çıxması idi. Böyükxanım Rzaqulu xanı həmişə iqdam etdiyi işlərinə cəhət tənqid edərdi. Məsələn, övladının Lizanın təhti-tərbiyəsində olması onu ziyadə məşğul etmişdi. Ona cəhət daima Rzaqulu xanı tənqid və məzəmmət etməyə başlamışdı. Böyükxanımın tərcümeyi-halı Rzaqulu xanın övrəti Böyükxanım Kirman valisi Xudayar xan Səmsamüddövlənin kəriməsi olub, Böyükxanım iyirmi bir sinnində Rzaqulu xanın evinə gəlib 38 sinninə qədər iki oğlan, bir qız doğa bilmişdi. Böyükxanım özü ilə bərabər Rzaqulu xanın evinə yüz min tümən dövlət gətirdiyindən maəda heç bir başqa varisə malik olmayan atası bütün var-yoxunu vəfat elədiyi vaxt Rzaqulu xanın övladına vəsiyyət etmişdi. Böyükxanım ibadət və şəriət, şəriətin üstünə sonradan əlavə edilmiş bid’ətləri dost tutan bir qız idi. Çünki tərbiyəsi öz anasından, bir də xüsusi müəlliməsindən olmuş idi. Tərbiyət elmi-qur’an və başqa bir də üsul kitabları idi. Atası Xudayar xan Böyükxanımın müəlliməsinə qur’anda Yusif sürəsini ona oxutmağı mən etmiş idi. Çünki övrətin eşq və məhəbbət mə’nalı sözlərdən oxuması ona xoş gəlmirdi. Ondan əlavə məxsusi bir qur’an yazdırıb onda Yusif sürəsini yazdırmamışdı. Böyükxanım Rzaqulu xanın evinə gələnə qədər küçə üzü görməyib, övrət nədir, kişi hansı hüquqa malikdir anlamırdı. Böyükxanımın gördüyü bir məxsusi məscid və özlərinə məxsus hamamdan ibarət idi. Bundan da əlavə əttar Haçı Xürrəmin övrəti gəlib hər gün Böyükxanıma tikiş tikmək və sair ev adabı tə’lim edərdi. Böyükxanım əl tikişi tikməkdə mahirə olduğu kimi layiqli bir şəriət müəlliməsi də olmuşdu. Əmma Böyükxanımın misli bir hüsni-vəcahət sahibi o vaxtlar Təbriz mülkündə tapılmırdı. Çox gözəl idi. Mə’tədil qaməti, iri qara gözləri, nəhayət uzun və qara tükləri var idi. Parlaq nasiyəsini bir görən bir də görmək istər idi. Lakin onu görmək bir günün işığına, bir də gecənin o xoşbəxt qaranlığına mümkün idi. Qaranlıq Böyükxanımın qara gözlərini, qara zülflərini gördükcə daha da qaralıb, işıq dəxi işıqlı üzünü gördükcə daha da ziyalanırdı. Böyükxanımın yanına çox e’timad olunmuş qulluqçular buraxılırdı. Eşiyə çox az çıxar idi. Böyükxanım, atası ilə məscidə girdiyi sırada bir nəfər şairə təsadüf etmiş, Böyükxanım şairə dönüb baxdığı üçün şair onun haqqında farsi olaraq, dəxi bir qəzəl də inşa etmişdir. Haman qəzəli isə məktəbi-Loğmaniyyə şagirdlərindən Xosrov xan bizə göndərdiyi üçün burada yazılmasını münasib gördük. Qəzəl Toyi künun bexəto xalo hosno dilbəre-Təbriz Kirifte zivəri əz roxe to kişvəre-Təbriz. Beruyi-muyi bənakuşe şahu mahi-zəmini, Xoda soporde tora taco təxto əfsəre-Təbriz. Qiyamətəst, nə qamət, benaz əgər bexorami Yəqin tülu kənəd sobhe-ruze-məhşəre-Təbriz. Xətaye məhz bevəd kirəmət moqabele hura Xilafe-əql, behişt ər bevəd bərabəre-Təbriz. Bərayi-əhlinəzər çün to bigərino nəziri Nəzadə, baz gəzayəd yəqin ki, madəre-Təbriz. Qəzəlin sətri tərcüməsi Xətt, xal, gözəllik cəhətdən Təbrizin dilbəri bu gün sənsən, Gözəlliyi Təbriz vilayəti sənin gözəlliyindən almışdır: Bu birçəklərinlə sən Yer üzünün padşahısan, ayısan, Allah Təbrizin tacü-taxtını sənə tapşırmışdır. Naz ilə yeriş etsən sənin qamətin qiyamət törədər, Yəqin ki, Təbrizin məhşərinin sübhü açılar. Səni huriyə bərabər tutsam böyük xəta etmiş olaram. Təbriz də behiştə bərabər tutularsa əqlin xilafinə olar Nəzər əhlinin yanında sənə oxşayan bir şey tapılmaz, Təbrizin anası sənin kimisini doğmamışdır və doğmayacaqdır. Lakin bu qədər hüsni-vəcahət və şöhrətə malik olan Böyükxanım layiqli bir hüsni-xülqə malik olmadığı üçün ailə rəftarını əsla bacara bilmirdi. Gecə-gündüzdə bir saat öz sahibi ilə rəftar edə bilməz idi. Böyükxanım əvvəlki adətinin xilafına olaraq gəzməyə-dolanmağa övrətlərin içtimaına getməyi və kişi küzərkahlarına, xüsusən, vəliəhd timçəsinə getməyi, cümə axşamları, sahibəzamana getməyi nəhayət dost tuturdu. Məəhaza Rzaqulu xanı Böyükxanımın bu adətləri narahat etməyərək, fəqət övladının tərbiyəsinə mane olması vücudunu, fikrini büsbütün işğal etmişdi. * * * Təbriz şəhərinin havası və təmizliyi Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi. Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi. Bu vaxt Qulamhüseyn nökər də ruzkarın şiddətini görüb ağuşqaları basmaqda, qapıları qapamaqda davam edirdi. Rzaqulu xan isə gözləri örtmək, qulaqları qapamağın vaxtı keçdiyini mülahizə etdiyi üçün – Qulamhüseyn, ağuşqa, qapıları basma, aç! deyə əmr edirdi. Ruzkar daha da şiddətlənib şimal tərəfdən şəhərə hücum edən tufanlı ruzkar Abbas Mirzə tərəfindən bina olunub, haliyədə vəliəhdin Şəmsülimarəsi olan binaya toxunub külahfirənkini yıxıb yer ilə yeksan edir. Bu kurultu yalnız Rzaqulu xanın ailəsini deyil, bütün şəhəri, bütün əhalini çulğalamışdır. Zira hər məhəllədə üç qəbiristan olduğu üçün köhnə qəbirlərdən çıxan üfunətlər xalqın dimağına dolub böyük mərəzlər ehdas edirdi. Qəbir daşlarında qoyulan çürümüş tabutlara məhəllinin xırda uşaqları at kimi səvar olub əlində bir ağac taqqa-taq vurub, İran camaatı üçün ancaq bir çürümüş tabut qaldığını e’lan edib də uşaqların tərbiyəsizlik üzündən indidən ölüm atına səvar olduğunu faş edirdi. Şəhər tamam kurultu içində qalmışdı. Ancaq bu səslərdən təhəkküm, təkəbbür, təcəbbür sədaları çıxır. Filhəqiqə İran bir rəstaxiz, bir qiyamət meydanına dönüb, yainki Hun tayfası Asiyadan köçür kimi yol üstlərindəki əhali qalxışıb aləmdə mühacirəti-ümumiyyə başlamış kimi nəzərə gəlir. Yainki İran bir qətlkah, bir hərbikaha bənzəyir ki, hər kəs övladını, uşağını aramaq üçün qalxmışdır. Bir tərəfdən istibdad, bir tərəfdən istimdad sədaları eşidilir. Ancaq ruzkar o şiddət və tə’sirində davam etməkdə idi. Rzaqulu xanın fikri filhəqiqə bu kurultulardan şaşıb yenə qələmini barmaqları arasına alıb qabağındakı Paris xəritəsini mülahizəyə başlamışdı... Fikrilə Parisi siyahət edirdi. İranda olduğunu tamamən unutduğu sırada Böyükxanım birdən-birə qapını çırpıb içəri daxil olduqda Rzaqulu xanın gözlərindən sirişki-təhəssür axmağa başlamışdı. Zira İranın mazisini, istiqbalını düşündükcə ağlamaqda heç vaxt xuddarlıq edə bilmirdi. Gözlərindən axan sirişki-təhəssür Paris xəritəsinə tökülüb Fransanın o əzəmətli şəhərini seylab içinə buraxmaqda idi. Böyükxanım isə otağın yuxarı başında qnape üzərində uzanaraq ayağının birisini qaldırıb digərinin üstünə qoymuşdu. Gah-gah öz-özünə dilrüba bir səslə oxuyub ayaqlarını oynadırdı. Əllərini qaldırıb daldan başının altına qoyub qara gözlərini evin aynabənd səqfinə açıb hər baxdıqca hər tərəfdə yüzlərcə qara gözlər, qara zülflər görüb, gah da başını titrədib aynada öz şəkli ilə oynayırdı. Ondan sonra başı üstündən aynanı götürüb fitnəçi gözlərini aynaya açıb baxırdı. Fəqət o qara gözlərin insaniyyətçə nə qədər kəcbin olduğunu düşünmürdü. Gah qara tükləri aynanın qabağına açıb tükün altından gün kimi parlayan nasiyəsinə baxıb göz mərdüməkinin cazibəli hərəkəti Böyükxanımın öz qəlbin də cəzb edərək sadəqəlb İran övrətini öz-özünə aşıq-mə’şuq etmiş idi. Ondan da öz saf və billurun sinəsini, öz qəlbinin nahiyəsini aynaya açıb öz tənasübi-əndamına baxıb, baxıb balidələnirdi. Əfsus, o saf qəlbin, o billurun sinənin cəhalət və əsəbiyyətlə məşhur olduğunu əsla düşünməyib sinəsinin zahiri təravətinə şaşıb qalırdı. Otaqda bu vaxt başqa bir səs yox idi. Vətənin fikrilə, millətin qüssəsilə məşğul olan Rzaqulu xandan bir ufff, öz hüsni-vəcahət və tənasübi-əndamına aşiq qalan Böyükxanımdan da suzişli bir ah sədası eşidilirdi. Böyükxanım böyük kədərlə aynanı yerə tullayıb yenə bir ah deməklə ağlaya-ağlaya deyirdi: «Allah, görəsən mənim kimi bədbəxt övrət, kəmtale övrət xəlq eləmisən? Baxıram gözəlliyimə, hüsni-vəcahətimə, valeh oluram. Baxıram bu bədbəxt sahibimə naxoş isə də boy-buxunu, qəddü-qaməti Təbrizdə məşhurdur; mal-dövlətimiz, ev-eşiyimiz Təbrizdə vəliəhddən başqa heç kəsə müyəssər deyil! Baxıram ər və övrətlikdəki rəftarımıza zəhləm gedir, bağrım çatlayır... Xudavənda, məgər məni dərd, qəm çəkməyə xəlq eləmisən?! Bu bədbəxt sahibim bir bəla olub mənim boğazıma keçib, gecə saat iki çaldıqda yatıb, amma necə yatmaq? İşi olub ah çəkmək, «yazıq millət, heyif vətən» demək, ağlaya-ağlaya yuxusu aparır. Yenə saat beşi çaldıqda durub namazını qılıb, çöküb bu yazı stolunun başına, yazır ağlayır, oxuyur ağlayır, nə bazara çıxır, nə mülkünə baxır. Nə sair ağalar kimi kəndlərin başının üstünü kəsib mədaxilini cəmləyir, nə övrətçi övrət bilir, nə də övladını övlad. Var-yox üç nəfər uşağın da başı dinc olmaqdan ötrü oturub murdar firənglərin evinə. Dünyanın pulunu xalqın cibinə doldurur, vəhalon ki, doktorun övrətinə bir ay verdiyi pulları bir mollaya versə uşaqlara ömrü olunca dərs verər». Böyükxanım bir çox öz-özünə danışdıqdan sonra durub yaxına gələrək əlini Rzaqulu xanın çiyninə qoyub hərəkət verib deyirdi: – Bir mənə bax görüm? Ay evin yıxılsın. Məgər dünyanın bütün qüssəsini gərək sən çəkəsən?! Axır canıva rəhmin gəlsin, bir saat rahat ol! Bədənin yuxusuzluqdan məhv oldu. Sənin nə işin vardır ki, iranlılar dərs oxumadı? Müsəlman dalı qaldı? Mənə heç rəhmin gəlmir?! Qardaşım yox, atam yox, varım-yoxum üç uşağımdır, onları da əlimdən alıb canlarına qara qabar düşmüş Lizanın çırağının kölgəsinə oturmusan ki, nə var Təbrizdə bundan ağıllı övrət tapılmır. Dünən doktor sənə demədi ki, yuxusuz qalma? Dünən heç bilirsən Ağa müctəhid minbərdə nə deyirdi? Görmürsən müctəhidin hökmünə görə camaat bizim nökərə şey də satmaq istəmir? Bəs bunları eşidə-eşidə yenə bizə nə üçün rəhmin gəlmir? Məclisə gedə bilmirəm, hamama, məscidə gedə bilmirəm, hər kəs görür məzəmmət edir. Allah məni öldürsün, qurtarım, mən razı olmayacağam gözüm görə-görə Liza uşaqlarımı məzhəbdən çıxarsın. Rzaqulu xan Böyükxanımın cahilanə söhbətinə diqqətlə qulaq verirdi. Böyükxanım sözünü qurtardıqda Rzaqulu xan Böyükxanıma tərəf baxıb deyirdi: – Övrət, çox cahilə imişsən! Kaş mən İrana gəlməmiş olaydım. Sən də bir başqa iranlıya övrət olaydın, qəlbin istədiyi kimi iranlı ilə rəftar və təəyyüş edərdin. Qüssə etməzdin, bu qədər məslək münaziəsi, əqidə mübahisəsi də ortalığa sürülməzdi. Söz yoxdur ki, sən məni yaxşı istəyirsən. Mən də səni səadətli bir övrət istəyirəm, lakin mənimlə sənin məhəbbətin arasında böyük bir fərq vardır. Sən məni başqa iranlılar kimi çalıb oynayan, mütrüb sazəndə ilə gecəsini sübh edən istəyirsən. Burası mənə lazım olan işlərdən deyil! Mən isə səni Təbriz övrətləri kimi dəllaləzən mətayi hesab etməyib, ailə xanımı, uşaqlar anası, tərbiyəli, ədəbli bir övrət etmək istəyirəm, bu da sənin işivə gəlmir. Mən vətən, millət, insaniyyət aşiqiyəm, sən isə əsəbiyyət, bid’ət, müzəxrəfat məftunu olub da öz həyatını səfalətə sürükləmədən bir an geri durmursan. Heç bilirsən keçən həftə gələn Paris qəzetləri şahın Paris səfərinə dair nələr yazıblar? Heç bilirsən qibleyi-aləmin məiyyətində olan alçaq hökumət mə’murları iranlı adını nə tövr rüsvay ediblər? Eyvah! İndi Parisdə tə’rif etdiyim İranın alçaq mə’murlarını biixtiyar və yaxud mə’murların nüfuzu altına keçmiş zavallı hökmdarı görüb mənim dalımca darülfünun rəfiqlərim məsxərə ilə gülürlər. Böyükxanım, mən vəsiyyət edəcəyəm övladım İranda qalmasın, madam ki, İranda qanuni-tənzimat yoxdur, İrana qayıtmayıb təhsil etdikləri məhəldə qalsınlar. Vətənlərində məşrutə sədası çıxarsa onlar da gəlib öz canlarını vətənlərinin salamətı yolunda qurban etsinlər. Sən isə bu evdə əyləşib övlad müntəziri olma! Məşrutənin müntəziri ol! Çünki məşrutə olmazsa övlad üzü görə bilməyəcəksən. Mən ki, İrandan və iranlılardan naümid deyiləm. Bu millət bir vaxt ayılıb da öz hüququnu axtaracaq. Nə fayda ki, İranda o vaxt əcnəbilərə verilməmiş bir imtiyaz da qalmayacaqdır. Sən insaf sahibəsi isən mənim övladımın tərbiyə və təhsilinə mane olma. Mənim yəqinimdir ki, bundan sonra elmsiz, tərbiyəsiz insanın heyvanca da qədr və qiyməti olmayacaqdır. Böyükxanım bu sözdən daha da açığlanıb: düzünü deyirəm, hərgah mənim övladımı firəng evindən çıxarmasan mən bir saat bu evdə qalmayacağam, deməkdən çəkinmirdi. Zavallı Rzaqulu xan heyrətindən rəngi təğyir tapıb deyirdi: böyük cəhalət səndə təbiilik dərəcəsini almış, təbiət təbdil olunmaz, nə fayda, mən səni təzyiq və tənbih edəcək iste’dada malik deyiləm. Rzaqulu xan yalvardıqca Böyükxanım göz qapaqları bir-birinə çalıb hərdən bir qətrə göz yaşı atır-dı, bu isə Rzaqulu xanın söhbətinin ona bir az da olsa tə’sir etmədiyini bildirirdi. Axırda uca səslə ağlayaraq zərrinə mə’cərini gözlərinə basıb durub yenə əlini Rzaqulu xanın çiyninə qoyub deyirdi: hərgah sənin bu şirin dillərin olmasaydı, mən bir saat da bu evdə qalmazdım. Əvvəlcə sənin hüsnü-vəcahətin və gözəl müsahibətin səbəbinə sənə məftun oldum və hər kəsdən ümidimi kəsib sənə pabənd oldum. Əlbəttə, mənim o eşqim, o məftunluğum səhv və yanlış da deyil idi. Sən xalqın tə’rif etdiyi sirət və sifətlərdən də maəda hüsni-əxlaqa, vəcahətə malik imişsən. Heyif olsun ki, sən İranda yaşamaq üsuluna büsbütün biganəsən. Sən İranda həmişə qüssə içində yaşadın. İndi sənin vücudun müəzzəb, ruhun pərişan, hissin məflük bir hala girmişdir, sima və çöhrəndə olan təravət kimi, solğun yanaqlarında ancaq bir sadə qırmızılıq qalmışdır, bütün vücudun dəyişmiş, vəcahətin itmiş, bunların cümləsini qayıb etmiş isənsə də, bu qədər hüsni-siyrət, əxlaq və müsahibətə malik olmusan. Söhbətin daha şirin, daha da məlih olmuşdur. Mən sənə dövlət və sərvətin cəhətinə övrət olmazdım. Zira İranda başqa milyonçular da çoxdur. Atamın təşviqi və öz məftunluğum cəhətinə sənə əsir oldum. Rzaqulu xan bu sözdə fürsət görüb: – Böyükxanım, atan səni mənə əsir olmaq üçün nə deyib təşviq edirdi? – Atam səni təvsif edib, Rzaqulu xan Parisdə belə öz milli qiyafətini qayıb etməyib, hər yerdə iranlıyam da deyib fəxr edirdi, – deyə məni sənə verməyə razılıq göstərdi. Əlbəttə sənin elmin çoxdur, amma İrana yaraşmır. Bu elm yaxşıdır. Amma Parisdə lazımdır. İranda firəngcə nə gərəkdir? Sən özün demirdin ki, Əmir Bahadır farsıdan başqa cəmi lisanları gərək əcnəbilər ilə mütərcim vasitəsilə danışsın? Çox yaxşı, onun elmi yoxdur, vəzir olub? Sənin oğlun da dərs oxudu, oldu vəzir. Sən özün demirdin ki, Əmir Bahadırın dalınca küçələrdə beş yüz nökər gedəndə heç olmasa beş yüz də tələbkar qarışıb gedir? Yainki oğlun oxudu oldu mühəndis. Görmədin Abbas xan mühəndis Kurdəşt qəl’əsini müayinə üçün gedəndə yol xərci də yox idi? Çox yaxşı, Münəvvər gedib oxudu, oldu mama, insafdır ki, sənin qızın gedib birisi bir qran pula itin-qurdun uşağını doğuzdursun? Bu sözlərdən Rzaqulu xan təngə gəlib dedi: – Böyükxanım! Əmir Bahadır vəzir deyil. Ancaq basəliqə bir dəlləkdir. Ülgücünü itiləyib başlayıb İran əhlinin başını qırxmağa. O ki, mamalıq, mühəndislikdir, səni asan vəchlə başa sala bilmədiyim üçün danışmaq da istəmirəm. Mamalıq dərsi oxumaq sənin qızın Münəvvərə həqarət deyil. Bu elm oxumaqla Avropa padşahlarının saraylarında olan xanımlar belə fəxr etməkdədirlər. – Mənim dövlətimin rahətini Liza eləsin, mən burada dərd-qüssə çəkim, bu da allaha rəvadır? Bu saat sənə deyirəm, yaz mənim uşaqlarım gəlsinlər. Əqəllən həftədə bir üzlərini görüm? – Ona sözüm yoxdur, Qulamhüseyn gedib izn alıb gətirsin, amma Lizaya verdiyim pullar onun öz haqqı zəhmətidir. Onun mənim övladıma verdiyi tərbiyətin qiymətini heç bir iranlı yəqin və təxmin edəməz. – Allah mənim atama insaf versin ki, məni öz əlilə odlara yandırdı. Dünyada nə üzüm güldü, nə də bir gün şad oldum. – Böyükxanım, məndən rəncidə olma! Hərgah mən də sənin atan kimi övladımı cəhalət içində məhbus edərsəm, onları hər kəs görərsə, mənim ruhuma lə’nətxan olacaqdır. Bu saat mən bilmirəm səni islah edim, övladımı tərbiyə etdirim, yainki vətənin halına ağlayım? Bir saat belə söhbətlərdən sonra qapı açılıb Qulamhüseyn poçtadan qəzetləri gətirib Rzaqulu xanın qabağına qoydu. Rzaqulu xan bütün söhbəti boşlayıb «Tayms» qəzetini açıb oxumağa başladı. Rzaqulu xan qəzeti açdıqda İran istiqrazı ünvanlı sərməqaləni oxuyur, bədəni titrəyir, rəngi qaçıb, nəhayət qəzeti yerə atıb, heyif gözəl vətən, parça-parça əcnəbilərə satılmağa başlandın, – deyərək şiddətlə bir çox ağladıqdan sonra qəşş aləmində səndəldən yıxılır. Qulamhüseyn nökər və sairin xanın qoltuğuna girib bir növ ilə yatağına gətirirlər. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və tə’xirlə çıxırdı və bədəni soyumuşdu. Qulamhüseyn nökər başına çalıb deyirdi: – ağam tamam oldu, qapımız bağlandı. Bə’zi kənizlər və nökərlər də Rzaqulu xanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. Ancaq Böyükxanım da doktorun evinə adam göndərib bir saatlıq qonaq bahənəsilə uşaqlarını oradan qurtarmaq istəyirdi. Qulamhüseyn nökər başına çalıb deyirdi: – Ağa, allah sənin əcəlüvü mənə versin, uşaqların yazıqdır. Mən yetim nökər, bilirəm sənin qəlbində nə qədər arzuların vardır. Qaravaşları Səkinə başının tüklərini yolub deyirdi: – Böyükxanım, evin yıxıldı, qapın bağlı qaldı. Get əynivə qara libas geyib öyüvə qara çək, ağam öldü. Rzaqulu xanın evini ağlamaq sədaları doldurmuşdu. Amma Rzaqulu xanın huşu, hissi yavaş-yavaş düzəlməyə üz tutduğundan ağlamaq sədalarını hiss etməyə, hər kəs yə’ni əfradi-ailəni şiddətini tə’yin edə bilirdi. Hərdənbir həzin səslə deyirdi: «Qorxmayın, ölməmişəm, amma bir az su gətirin içim». Qulamhüseyn nökər su gətirib deyir: ağa, allah bizə rəhm elədi, təzədən verdi. Rzaqulu xan suyu içdikdən sonra balışa təkyə edib yavaş-yavaş göz yaşı tökməyə başladı. Bu vaxt Böyükxanım gülə-gülə otağa daxil olub deyirdi: xan, vallah bilmirəm sən nə xasiyyətdə adamsan ki, hər gün gərək bizim ürəyimizi tökub bağrımızı yarasan... İndi ki, xasiyyətin böylədir, gərək bu zəhrimara qalmış qəzetləri oxumayasan.. Allah eləməsin, başıva bir iş gəlsin, heç bilirsən bu mal-dövlətin üstündə bizim başımıza nə iş gətirəcəklər? Rzaqulu xan mal-dövlət adı eşidəndə gülüb deyirdi: Böyükxanım, eyib etməz, mən öləndən sonra qoy dövlət də dağılsın. Mənim dövlətim İrandan qiymətli deyil, görürsən ki, İran da dağılmağa, əcnəbilərə satılmağa başlanmışdır. İran mənim Münəvvərimdən də, iki oğlumdan da mənim yanımda əzizdir. Bu qoca, bu şanlı hökumətin əvvəlinci dəfədir ki, istiqraza əli açılmışdır. O da nə tövr rəzalət, nə tövr həqarət ilə! Kömrüklər də, yollar da, bundan başqa mütəəddid imtiyazlar da bu sayədə əcnəbilərin yədi-təsəllütünə keçdi. Vətənimiz müharibəsiz əcnəbilərin işğalı altına keçəcəkdir. Müharibə etmədik, amma əsir düşdük, qollarımız bağlandı. Demək ki, İranın qapısı bağlanıb, kilidi, açarı əcnəbilərin cibinə salındı. İstiqlali-milliyəmiz arzumuz kimi yarımçıq qalır. Bu söhbətlərdə Böyükxanım da yataq otağının o tərəf-bu tərəfinə gedib deyirdi: – Aləm bunun halına gərək ağlasın. Bu da başlayıb iyirmi kürür. İran əhlinə ağlamağa, hamısının peysərləri, boyunları tir kimi yoğunlaşmış. Amma özünün bədənində bir damcı qan yox, özünün də burnunu tutsan canı çıxar. Atasının qapısı bağlı qalır, ona ağlamır, özü də olub xalq içində bədnam. Oğlunu, qızını de verib murdar firənglərin qoltuğuna, durub özü də xalq üçün ağlamağa. Gah başına vurur, gah qəşş edir. Vallah bilmirəm mənim bəxtimdə nə var ki, bu tövr zəhlə gedən işlərə rast gəlirəm. Deyəsən rəhmətliyin balasını xalqa vəkil seçdilər. Sən allah bir bunun xəyalatına bax! Padşah borc elədi; mə’dənlər, kömrüklər, yollar getdi deyir... Deyəsən bunun atasının malıdır. Gül başıva olsun, müctəhid öz behişt kimi kəndlərini basıb yeyir, qalmısan aciz, başlamısan padşahın dərdinə qalmağva. A kişi, bir əqlin başıva gəlsin Təbrizi bizə güldürmə! Rzaqulu xan Böyükxanımın bu sözlərinə əbədən məşğul olmayıb allaha yalvarırdı: «Xudavənda, bizi sən nə vaxt əsirlikdən qurtaracaqsan? Biz Şərq camaatı əsirliyə bundan artıq da dözə bilmərik. İlahi, biz sənə hansı əməlimizlə asi olduq ki, ümənayi-dövlət bizim qolumuzdan tutub həbəş əsirləri kimi əcnəbilərə satdılar?» Bu halda qapı açılıb Qulamhüseyn nökər xəbər verdi ki, doktorun oğlu və qızı ilə bahəm xanın övladı dəxi təşrif gətirdilər. Bundan sonra Rzaqulu xan yazıxanasına keçib məktubat oxumaqla məşğul olmaq istəyirdi. Böyükxanım isə qəzetləri və məktubatı gizlədib ancaq Naxçıvan şəhərinin müəllimi Məhəmməd Tağı Sidqinin tərəfindən yazılmış bir məktubu stolda buraxmışdı. Rzaqulu xan məktubu açıb Sidqi mərhumun İrana dair yazdığı bir neçə fərd əş’arı oxumaqla daha da qəmgin olmaqda idi. Şe’rlər çox əhəmiyyətli olduğu üçün Rzaqulu xan məktubu bağlayıb, öz cibinə qoyub, yenə başlayıb ah çəkib ağlamağa... Kar pərişan, kargah pərişan, Təxt pərişan, bargah pərişan. On ke dəri-xod nəmud məcməi-ovbaş Xast buvəd bargahe-şahe-pərişan. Bolboli-golşən ze covre-xar benale Bağ pərişan, gol, geyah pərişan. Əz əsəre-xameyi-səfid libasan Dəftəre-islam şod siyah, pərişan. Molke-mələk əz mələikane-zəmini Gah moşəvvəş şodəst, gah pərişan. Ayneyi ke jənk əzui nə zedayən Çeşm dər u mikonəd nekah pərişan. Şobhe nədarəd dər in soxən bəhəqiqət Kah cahan şod ze eştibah pərişan. Qafilesalar həm dəlil be şeşdər Qafile mat əst şahrah pərişan. Məmləkətira ke fəqro-faqe səravərd Mişəvəd ongah izzü cah pərişan. Ləşkəre-qəflət be hər koca ke ələm zəd Gəşt dər on məmləkət sepah pərişan. Del ze təməddon xoşəst çon konəd in del Gər mədəniyyət şəvəd təbah pərişan. Əvvəli-İran ço şod be vav mobəddəl «Sidqi» əz in qəm kəşide ahi-pərişan. Rzaqulu xanın qızı balaca Münəvvər xanım əli doktorun, Olqa xanımın əlində, onun dalısınca Rzaqulu xanın hər iki oğlanları doktorun balaca oğlu Jorjun əlindən yapışıb evə daxil olur. Münəvvər xanım bir ay müddətdir ki, anasını görməmiş, kəsrəti-sürurunda çöhrəsi getdikcə qızarır, parlaq nasiyəsindən həya təri yuvarlanıb səssiz bir şrapnel parçası kimi qabağında partlayır. Amma anasını bir yerdə görən rəqiq qəlbli balaca Münəvvər gah gülüb, gah ağlamaq istəyirdi. Münəvvər xanımın özü və gözəl yoldaşı təzəcə pərdəsini atmış qönçələr kimi otağı ziynətləndirib, o canlı şükufələr qabaqca Rzaqulu xan ilə əl tutub sonra Böyükxanım ilə də görüşürlər. Münəvvər xanım anasını öpməyə başlayır. Olqa xanım da Rzaqulu xanın bərabərində olan qoltuqlu bir səndəldə əyləşib söhbətə başlayır. Oğlanları dəxi bərabərlərində Jorj, ataları görüşdükdən sonra analarının yanına gəlib öpüb onu nəvaziş edirlər. Böyükxanım evin vəsətində döşək üstündə aydan işıqlı olan, fəqət ətrafı bir zülmətlə mühat olan camalı ilə əyləşmiş... Ətrafını ulduzdan işıqlı, elmli, zəkavətli oğlanları və qızı əhatə etmiş, kimisi qolunu ananın boynuna salıb öpür, kimi zarafatla cibindən parasını alır, kimisi qızıl və cavahir nişan gərdənbəndini açmaq istəyirdi. Kimisi təsəlli olaraq deyir, ana, atama hörmət elə, səni asudə eləyib ki, bizi bu zəhmətli vaxtımızda özgənin boynuna salıbdır. Münəvvər xanım isə deyirdi: – Ana, qüssə eləmə, hərçənd indi sənə bu ayrılıq çətin gəlir, amma, bir vaxt olacaq ki, o zəhmətin, o ayrılığın çox şirin səmərəsi olacaqdır. Çünki sonra biz elmli, mə’rifətli olub iranlılara müavinət edəndə sən özünü bəxtiyar hesab edib əhali içində iftixar edəcəksən. Zira o vaxtlar elmsiz kişi və övrət büsbütün qədru-qiymətindən düşəcəkdir. Camaat övladının tərbiyəsiz, elmsizlik qüsurunu bütün-bütünə ata-ananın boynuna salacaqlardır; o vaxtlar sən də və atam da bu tövr töhmətlərdən, sərzənişlərdən asudə olacaqsınız... Böyükxanım şiddəti-cəhalətindən bu sözlərə qurumuş qalmış nə danışmaq, nə də ağlamaq və nə gülmək iste’dadına malik deyil idi. Ancaq Münəvvərin başına əl çəkib, gah-gah əmcəklərinin arasına alıb təngdər-ağuş edirdi. Oğlanları dübarə Böyükxanıma təsəlli verib deyirdilər: sən bizi hərgah dünyada rahat istəyirsən gərək bir beş il ayrılığa səbr edəsən. Bu halda Böyükxanımın dili açılıb deyirdi: – Bu elm sizi rahat etməz, bir az da atanız kimi əziyyətə salar. Hərgah Firəngistana getmək olmasa idi, atanız bu hala da gəlməzdi. Rzaqulu xanın oğlu Pərviz xan bu sözdə anasının sözünü kəsib deyir: – Ana, indi bizim vətənimizin ehtiyacı çox böyükdür. İndi bu ehtiyac onu təqaza edir ki, iranlılar Avropanın işıqlı yerlərinə gedib bu qaranlıq İrana bir işıq götürsünlər. Yə’ni bir az elmli olub, gəlib sair qardaşlarını cəhalət qaranlığından qurtarsınlar. Doğrudur, sən bizim anamızsan, lakin bizim həqiqi anamız da İrandır. Çünki bizim ətimiz, qanımız bu torpaqdandır. Görürsən əcnəbilər bu madəri-həqiqinin namusuna, ismətinə həqarət əli uzadır. Bu tövr xəyanət əllərini vurub qaytarmaq üçün iranlılara elmli bir əl lazımdır. Ana, sən razı olursan ki, biz sənin yanında rahat olaq, amma vətənimiz qurban hissəsi kimi parça-parça paylansın? Biz öz yerimizdə bixəbər oturduğumuz sırada əcnəbilər bizi təqsim edirlər. Qoyun kimi biz biçaq altında çapaladığımız sırada qəssab qarnımızda yağı təxmin etməkdədir... Böyükxanım burada oğlunun sözünü kəsib deyirdi: – Oğlum, sən allah, bu sözləri danışıb adamın ürəyini əzmə, adam az qalır özlüyündən çıxsın. Kimin ağzı nədir İranı parça-parça bölsün? Budur Təbrizdə hər yana baxırsan sərbazdır, bazar dalında, hamam qabaqlarında, ha sərbazdır ki, görürsən günə qarşı oturubdur. – Ana, bu vətənimiz gedəcək; qorxuram ki, İran adı ancaq bir vaxt kitablarda oxunsun. Vətənimizin hüdudu daralmış, hüdudumuz budur padşahlığın mərkəzində, arasında qərar tutmuş. Bu sözlərdə Rzaqulu xan ağlamağa başlayıb deyirdi: – Söz yoxdur ki, bu millət bir vaxt gözünü açıb öz hüququnu mülahizə edəcək, nə fayda ki, o vaxt nə İran qalacaq, nə də istiqlal! Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. Zira Münəvvərin başında Paris qızlarına məxsus son moda, napolyonu şlyapa, şlyapanın yaşıl və zümrüdi lentləri Münəvvərin dalısına tökülən siyah türrələrə sarışıb, Münəvvərin bəyaz və parlaq nasiyəsinə bir rəngi-zümrüdi əlavə etdikdən sonra çiyninə döşənmiş, həyasından, daha ədəbindən, yaxud ağlamağın tə’sirindən bəyaz çöhrəsi yavaş-yavaş tutulmağa meyl edən ay kimi qızarmağa başlayıb. Daha ağuşqanın şişələrindən Münəvvərin üzünə tabidə olan günəş dəxi bir başqa tamaşa, bir başqa mənzərə açırdı. Şlyapanın altında görünən qara bulud misallı zülfləri parlayan nasiyəsinə bir rəngi-siyahi vermək üçün cüstcu edər kimi görünürsə də, lakin gün düşmüş lentlər ziynət vermiş tər, şəbnəm kimi tökülür. Kuya havada yavaş-yavaş qövsi-qüzəh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. Üstündə Şvetsariya qızlarına məxsus pelerina palto, ayaqlarında sandalı başmaqları gördükcə əvam, aləmi-bəşəriyyət və istirahətdən bixəbər Böyükxanım öz-özünə deyirdi: – Evin başıva uçsun Rzaqulu xan, bax gör gül dəstəsi kimi balalarımı Liza nə hala salıb? Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib uşaqları təhərdən çıxarırsan!» Əvam, hətta qur’anda Yusif surəsini də oxumayan Böyükxanım gözlərini dolandırıb oğlanlarına baxıb daha da dilgir olurdu. Başları tüklü, Liza öz əli ilə tüklərini düzəltmiş, başlarında nazik tehrani papaq, üstlərində nazik ingilis trikosundan palto, döşlərinə asılan riqat çiçək kimi hər baxan insanı fərəhləndirəcək dərəcədə isə də əvam Böyükxanımı ziyadəsilə dilgir edirdi. Öz-özünə deyirdi: «Ay evin yıxılsın Rzaqulu xan, gör bu çin-şəyatin paltarı mənim balalarımı nə hala salıb? Xalqın da balası vardır, görürsən yaxşı nizami paltar geyib, əllərində gözəlcə həna, üstlərində qiymətli Kirman əbası, biz də pul verib uşaqları quli-biyaban qayırmışıq». Bu vaxt nahar vaxtı olub nahar otağında süfrə açılıb, Qulamhüseyn nökər içəri girib: ağa, buyurun nahar hazırdır, – deyə xəbər verdi. Onda Rzaqulu xan, oğlanları, doktorun övladı nahar otağına girdilər. Lakin Münəvvər xanımla anası Böyükxanım Rzaqulu xan ilə nahara getməyərək öz nahar otağına getmək istəyirdi. Rzaqulu xan qayıdıb Böyükxanıma yalvarıb deyirdi: – Böyükxanım, təvəqqe edirəm Münəvvəri də götürüb gələsən, mən də qonaqların yanında xəcalət çəkməyim. Sən hər yerdə məni xəcalət eləmisən, amma burada sözümü qəbul elə! Böyükxanım: – Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! Mənim nə işim vardır öz ata-baba qaydamı qoyub çəngəl-biçaq ilə çörək yeyim, özümü murdar eləyim! Rzaqulu xan Böyükxanımı aparmaqdan naümid oldu. Lakin Pərviz xan razı etməyi dərəhdə etdiyindən gəlib qolunu anasının boynuna salıb yalvarırdı: – Ana, bax bir aydır ki, səninlə çörək yeməmişəm, məni istəyirsən dur gedək, babamın otağına, biz də ana və ata ilə bir yerdə çörək yemək ləzzəti görüb fərəh edək. Pərviz xanın şirin dilləri Böyükxanımı razı elədi. Münəvvər xanımı da götürüb nahar otağına təşrif gətirdi. Bir tərəfdə özü də, Münəvvər xanım da əyləşdilər. Qulamhüseyn nökər də məcməyini gətirib mizin üstündə qabaqlarına qoydu. Ondan sonra Rzaqulu xanın, daha açığı, zavallı İran milyonçusunun evində Qərb adətincə mizdə, stulda təam sərfinə başlandı. Pərviz xan üzünü babası Rzaqulu xana tutub fransızca olaraq deyirdi: – Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. İranın övrətlərinin əvvəlinci dəfə miz – stulda təam sərf etməsi tarixi bir vaqiədir. Doğrudan acam böyük təşəbbüs edib böyük pişrəftə başlamışdır. Bu vaxt Rzaqulu xanın nahar otağı bir dərsxana, bir tərbiyətkahə də bənzədilməli idi. Zira hər kəs bir-birinə baxıb kamali-ehtiyatla təam sərf edirdi. Olqa xanım ən əvvəl qaşığı əlinə alıb qabağındakı nimçəni ortada qoyulan blyudanın yanına aparıb qaşıq ilə töküb yanına çəkirdi. Ondan da sonra əlindəki çəngəl-biçaq ilə səbzi qovurmanınətlərindən götürüb parçalayıb ağzına qoyur, qabağındakı nazik dəsmal ilə ağzını silir. Böyükxanım gözünü dikib Olqa xanımın ağzına və əlinə baxır. Özü dəxi çörəkdən əli ilə qoparıb düyüləri ortasına çəkib ağzına basır. Barmaqları yağ ilə batmış, barmaqlardakı birilyant üzüklərin qaşları yağ içində qalmış. Şərq övrətlərinin timsali-mənhusəsi, yaxud bütün İran övrətlərinin nümayəndəsi ədd olunan Böyükxanım Qərb adətinə, qərblilərin tərbiyəsinə nə qədər mütəvəccih isə də Qərbin də Şərqdəki bir nümuneyi-zibəti olan Olqa xanımın gözü Şərqin məşhur və elmli bir milyonçusu sayılan Rzaqulu xanın övrətində idi. Bütün hazirun təam meyl edirdilər. Fəqət balaca Münəvvər hərdən beş düyü çörək arasına qoyub ağzına aparırdı. Ara-sıra uşaqlar analarına baxıb bir də qonaqlarına baxıb qızarırdılar. Böyükxanım da ağzının yağını hər loqmanı ağzına apardıqdan sonra başındakı zərinə mə’cərlə silirdi. Təam sərf olundu qurtardı. Birlikdə durub bir-bir əllərini dəhlizdə yuyub yazıxanaya keçdilər. Təamdan sonra yazıxanada çay sərf olundu. Lakin fayton qapıda qoşulmuş durub xanların intizarını çəkirdi. Böyükxanım da qoymurdu, mane olurdu. Fayton qoşulub qapıda məəttəldir! Olqa xanım, Jorj, hacı xan, Pərviz xan, Münəvvər xanım hazırlanmışlar. Qabaqca Münəvvər xanım anasilə görüşür. – Ana, salamat qal! Yenə tezlikdə sənin ziyarətinə gələrəm! Böyükxanım – Qızım, sən gedə bilməzsən. Münəvvər xanım – Nə üçün? Böyükxanım – Hər nə ki, dərs oxuyubsan kifayətdir. Mənim qəlbimdə başqa da arzum vardır. Münəvvər xanım – Ana, sən allah sənin hamı arzuların mənim ədəbli və layiqli qız olmağım deyilmi?! Böyükxanım – Orası mənim öz yadımdadır, ancaq getməli deyilsən. Pərviz xan yenə öz helm və mülayimətinə xatircəm olduğu üçün anasına yalvarırdı: – Ana, sən allah burax qızı aparaq dərsini oxusun. Hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. Bizə də, Münəvvərə də rəhmin gəlsin. Böyükxanım – Siz də getməli deyilsiniz, hər qədər təhsil etdiniz kifayətdir. Bizim xalqa borcumuz yoxdur ki, ayda yüz tümən pul verək. Olqa xanım Rzaqulu xana üzünü tutub deyirdi: – Mənim dərk etdiyimə görə Böyükxanım bizim yoldaşlarımızı getməyə qoymur. Rzaqulu xan. – Belə mə’lum olur. Olqa xanım, Böyükxanıma: – ana, nə üçün qoymursan? Vallah anam uşaqlara çox məhəbbətlə baxır, əlalxüsus bizim qulluqçular onların mühafizəsindən bir dəqiqə qafil ola bilməz! Anam heç olmasa gecədə üç dəfə bizim otağımıza gəlib rahat və hifzimizə diqqət edir. Sən allah, mənim yoldaşlarımı saxlama, mən tək gedə bilmərəm! Anam bunları istəyəcəkdir. Böyükxanım – Eyb etməz, sən də getmə, qal bizdə, yoldaşlarının yanında. Ev sizin öz evinizdir. Münəvvər xanım – Ana, insaf elə! Mənim burada bir saat qalmağım bir il müddəti təhsilimdən dalıda qoyur. Əlavə, mən getməsəm qardaşlarım da məəttəl olacaqdır. Böyükxanım – Qardaşların ömrləri olduqca namazdan qalıblar, qoykilən bir ay da dərsdən qalsınlar günah ki, deyil. Rzaqulu xan Böyükxanıma açığlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma! Qoy uşaqlar getsinlər dərslərinə, yoxsa bu saat mən özümü bədbəxt edərəm. İnsafın olsun, mənim nə üçün zəhmətlərimi itirirsən? Mən bu qədər xərci qoymuşam övladım axıra kimi dərs oxusun. Nəinki yarımçıq qalsınlar. Böyükxanım Rzaqulu xanın təğəyyurunu görüncə bir az yumşalır. – Eyb etməz, uşaqlar getsinlər, amma qız gedə bilməz. Əqəllən gərək bir-iki gün qalsın. Nəhayət Böyükxanımın hiyləsinə qurban olan Rzaqulu xan Münəvvərin bir gecəlik qalmasına riza verdi. Lakin nə Münəvvər razı olurdu, nə də Olqa xanım, Münəvvərsiz getmək istəyirdi. İkisi də ağlayırdılar, göz yaşlarını silirdilər. Rzaqulu xan da qabaqca Olqa xanımdan bir gecəlik qalmasına təvəqqe edirdi. Sonra Münəvvəri qalmağa razı eləyirdi. Nəhayət elmi-ədəbi çox dost tutan Münəvvər xanım ana xahişini onlardan da müqəddəm hesab etdiyi üçün qalmağa razı olmuşdu. Ona görə Münəvvər xanım qapıya kimi yoldaşlarını aparıb faytona səvar etdi və müvəqqəti, lakin əbədi bir vida etdiyi halda yoldaşlarına: – Təvəqqe edirəm bircə gün dərsdən tə’til edəsiniz, tainki sabah mən də gəlib özümü yetirim. Yoldaşları getdilər. Münəvvər xanım evə qayıtdı. Amma Böyükxanım Münəvvəri hamama aparıb paltarlarını dəyişdirib müsəlman etmək istəyirdi. Hətta xəlvətcə Münəvvərdən ötrü tikdirmiş islami, yaxud təbrizi paltarları Qulamhüseyn ilə hamama göndərmişdi. Lakin Rzaqulu xandan hamama getməyə izn istəyirdi. Rzaqulu xan da qəbul etmirdi. Böyükxanım qabaqca hamam ləvazimatını Qulamhüseyn ilə hamama göndərmişdi. Amma Münəvvəri aparmaq üçün Rzaqulu xandan izn istəyirdi. Münəvvərin başına əl çəkib deyirdi: – İndi qızım gör sənin başıvu necə yuyub təmizləyəcəyəm. Gör indi səni hamamda necə çimdirəcəyəm? Münəvvər xanım – Ana, mən hamama getmək istəmirəm. Bu gün tezdən məni Liza xanım özü çimdiribdir. Mən bilirəm hamamlar təmiz deyil. Rzaqulu xan – Münəvvər, hamama gedə bilməz, kəsif sularda insan çimdirilməz. Haman suya bir gün insan girəndə qoxusu bir ay kəsilməz. Xub, təmiz, saf vannada çimdirilmiş qızı o kəsif suda çimdirməkdən mənzurun nədir? Mən bilirəm, hamam bina olunandan əvvəlinci dəfə anbarına bağlanmış suyun nümunəsi vardır. Sən görmədin doktorları ki, haman suyu maşın ilə ölçdü? Demədilər ki, bu suyun bir hissəsi haman köhnə və qoxumuş sudur, bir hissəsi də haman bədənlərdən tökülən çirk və müsri naxoşluqlara giriftar olan xəstələrin bədənlərindən tökülən kəsafət?! Övrətlərin, kişilərin mə’lumlu ə’zalarından çıxan üfunətli sulardır ki, insanın dimağına bir qətrə girsə labüddən naxoş edər. İndi sən razı olursan ki, o natəmiz suda bu gül kimi hifz olunmuş uşağı çimdirəsən? Böyükxanım – Sən olasan öz allahın, çox da öz yanından şəriət çıxartma. Haman hamamın suları kürrdür. Hərgah hamısı da çirk olsa şəriət yenə orada çimməyə izn verir. Bir də Liza xanımın iki dolça su tutan təştini mənə tə’rif eləmə. Liza özü nədir ki, çimdirdiyi uşaq nə olsun? Çimdirsə yaxşıdır, murdar eliyib qoyur ora. Lizanın özü də, təşti də, çimdirdiyi uşaq da nəcisdir. Sənin ağlıva mən şaşıram ki, o tövr murdar kafiri mənə tə’rif edirsən. Vallah lap yoldan çıxıblar, məzhəbdən çıxıblar. Şəriətin hökm etdiyi kürr suları Lizanın təştindən yaxşı hesab eləyirlər. Rzaqulu xan – Çox yaxşı, hamamın suyu kürrdür, burada səni başa sala bilmirəm. Bəs ona nə deyirsən ki, hamamda müsəlman vəhşilərinin nalayiq hərəkətlərini görüb hissiyyatı xarab olacaqdır? Heç bilirsən hamamlarda nə tövr söhbətlər danışılır? İnsaf elə, qızı nə üçün cəbrən vəhşiliyə tanıdırsan? Böyükxanım – Sözün doğrusu mən murdar uşağı yanımda saxlaya bilmərəm. Gərək labüddən hamama aparam. Böyükxanım öz cəhalətindən israr edirdisə də, Rzaqulu xan da mane olurdu. Lakin Böyükxanıma o tövr maniətlər kargər olmadığından Münəvvəri götürüb hamama apardı. Münəvvər isə məcburən gözlərində asari-təhəyyür, rəngi məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. Münəvvər xanım anası Böyükxanımın yanında hamama gedir. Yanlarında nökərləri və qaravaşları kamali-ehtiramla İran milyonçusunun övrətini və qızını hamama aparırdılar. Münəvvər xanım öz fransız qiyafətində, amma Böyükxanım milyonçu övrətlərinə məxsus nəfis libaslar geyib kamali-həşmət ilə küçədən-küçəyə, dərbənddən-dərbəndə keçib hamama tərəf gedirdilər. Münəvvər xanımı görən övrət və kişi, cavan və qocaların hamısı onun gözəllik və qiyafətinə tamaşa edib xoşlarına gəlirdi. Bir-birlərinə deyirdilər: «Bu firəng qızı kimdir?! Heyif, kafir uşağıdır! Siz allah bir baxın görün heç allah-taala bunda bir qüsur xəlq eləyibdirmi? Barakallah kafir qızı, qəribə uşaq doğubdur. Gözü göz yerində, qaşı qaş yerində xəlq olunub, doğrudan deyəsən şəkildir. Allah yola, məzhəbə gətirsin, gözəllikdə tamam eliyibdir. Nə olaydı ki, müsəlman olaydı. Daha da gözəl olardı. Heyif ki, nəcisdir». Bir para adamlar da görüb deyirdi: «Bax gör nə libas geyindiriblər? Doğrudan deyəsən çiçəkdir ki, indicə açılıbdır. Yaxşı gözəldir, heyif kafirdir, murdardır!» Bir para cavanlar da görüb deyirdi: – «Xudavənda, sən bu firəng qızını necə cəhənnəm odunda yandıracaqsan? Bax gör nə yaxşı baxır? Necə kəklik kimi yeriyir? Görəsən hansı murdar kafirə qismət olacaqdır?» Bir para müsin kişilər də görüb deyirdilər: «Qoy bunlar bu dünyada geyinib rahat dolansınlar, bunların behişti bu dünyadadır. Amma axirətdə atalarına od vuracaqlardır. Yaxşı gözəldir, nə fayda ki, nəcis əndər nəcisdir. Görürsən, üstünə urus ətri vurublar? Daha onun axırı nə olacaqdır?» Bir tərəfdən də yol üstündə bir dəstə cavan ə’yanlar durub bir kosa və arıq üzlü, gözləri xırdaca, ağzında əsla diş asarı olmayan məflük bir kişini yaxalayıb yalvarıb deyirlər: «Soltanüşşüəra, mən ölüm məni istəyirsən bu qıza bir qəzəl inşa elə ki, biz hərdənbir bunu yada salanda oxuyub qəlbi səfalandıraq. Bir də heyifdir ki, bu tövr gözəlin adı kitablara düşməsin» Soltanüşşüəra: – eyb etməz, qoy bir gəlib qabağımdan keçsin, yaxşı mülahizə edim, sonra baxaram öz tə’bimin iste’dadına, hərçənd gözlərim yaxşı görmür. Amma uzaqdan yaxşı görsənir. Siz heç danışmayın, mənim nəş’əm dağılmasın... Soltanüşşüəra əlini uzadıb cibindən bir köhnə eynək çıxarıb çuxasının ətiyinin ucu ilə silib gözlərinə qoyur, əli belində başını qaldırıb Münəvvərə tamaşa edirdi. Münəvvər xanım kamali-ədəb və vüqar ilə keçir. Cənab Soltanüşşüəra əvvəlcə başında çiçək kimi yaşıl lentli şlyapasına, toplanıb dalına düşən qara zülflərinə, açıq və parlaq nasiyəsinə kəşidə, qara qaşlarına, bütün surət və simasına nöqtəbənöqtə tamaşa edirdi. Münəvvər xanım heç tərəfə baxmırdı. Məhzunluq başının çiyninə tərəf məylal olduğundan mə’lum idi. Gözləri baxırdı, ancaq öz qarşısına. Camaatın izdihamını görürdü, üzlərini, qaş-göz atmaq kimi cahilanə hərəkətlərini deyil, danışdıqları müzəxrifatı eşitməklə Münəvvər xanım keçdi, Soltanüşşüəra cənabları da eynəyini çıxarıb cibinə qoydu. Üzünü yoldaşlarına çevirib: qəribə gözəldir, bimisl qızdır. Doğrudan qəzəl deməyə layiqdir deyib yola düşdü. Amma başında olan ə’yanlar və tüccarzadələr qəzəli nə qədər tez olsa deməyi təvəqqe edirdilər. Amma şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa elədi. Haman qəzəl eynək burada yazılır. Bir para yerlərində qüsur olsa da bizə dəxli olmayıb, əvvəlcə eşidib hifz edənlərdədir. Bəndənin bu hekayəni yazmağını eşidən Eynulla xan Təbrizi cənabları həmin qəzəli yazdırıb göndərmişdir ki, qarə’lərin nəzər-diqqətinə qoymaqla Təbriz müsəlman şüərasının ədəbiyyatça nə qədər şaşmış olduqlarını filcümlə izhar edəcək. Qəzəl Çe şuxi ey be bala sərve-nov xiz, Ke del berebudi ba zolfe delaviz. Cəmalət afəti-cani-əzizan, Negahət fitneyi-aşubi-Təbriz. Peyi-qətləm kəşide türki çeşmət, Ze mojqan tir, zərbu tiği-xonriz. Be xubi dər cahan misləti nədidəm, Bəhər kəs dide bekşudəm be hər çiz. Xəta başəd əgər guyəm ke mahi Nədarəd meh çe to ləle-şəkərriz. Be şeşdər əfkəni mehra to mehri Nəmai ruye-zolfe-ənbəramiz. Münəvvər xanım aralıqda yoluna davam edib getməkdə idi. Təbriz camaatının danışıqlarını, Soltanüşşüəra ilə olan mükalimələrini bütün-bütünə düşünürdü. Deyirdi: – Bu Təbriz camaatı qəribə məğrur, qəribə vəhşidirlər?! Bunlar bilmirəm cəhənnəmi, behişti nə mülahizə edirlər? Özlərini bunlar yoxsa insan və müsəlman hesab edirlər? Böyükxanım – Münəvvər, görürsən atan səni necə bədbəxt edib? Sənin əyninə bu paltarlar olmasa idi qulağın bu sözləri də eşitməzdi. Qorxma, indi sənə hamamda gözəlcə müsəlman libası geyindirib bu tövr töhmətlərdən yaxanı qurtararam. Münəvvər xanım daha bu sözlərdən dilgir olurdu, deyirdi: – Mənim dilgir olmağım libas üçün, atamın mənə zülmü, qeyri-zülmü üçün də deyil. Mənim dalımca nə qədər danışırlar qoy danışsınlar. Mən rəncidə olmaram. Çünki insan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. Ancaq məni dilgir edən camaatın cahilliyi, nadanlığıdır. Bizim bu camaat özlərini müstəhəqqi-behişt hesab edirlər. Amma başqa millətləri cəhənnəm əhli hesab etməkdədirlər. Bilmirəm bu yalançı müsəlmanların başqa millətlərə təfəvvüqü və axirətcə artıqlığı hansı əməlləri cəhətinədir. Görünür ki, xudavəndi-aləm behişti fəqət bu beş-on milyon camaatdan ötrü xəlq edibdir. Bir halətdəki, nisfdən çoxu yalançı və məzhəb oğularıdır. Yer üzündə olan bir milyard beş yüz milyon əhalidən yalnız üç yüz milyonu müsəlmandır. Bunlar nə tövr müsəlmandırlar deməyə ehtiyac yoxdur. Çünki bir kəsdə, bir millətdə tərəqqi olmadı, yəqin elə ki, düzkün məzhəb də yoxdur. Çünki hər kəsin tərəqqisi öz məzhəbində qaim olmaqda və əsrə yaxışan tədarükləri görməkdədir. Müsəlmanlıq isə həmişə insanı tərəqqi və səadətə də’vət edir. İndi belə mə’lum, xudavəndi-aləmin adəmə və peyğəmbərlərə və onların vasitəsilə bəndələrə tə’rif etdiyi behişt nə qədər vəsi, nə qədər geniş isə də fəqət beş-üç yalançı və məzhəb çibkirlərindən ötrü imiş. Lakin onu bilmirlər ki, hər kəs, hər millət axirətdə əməlinə baxmış müzd alacaqdır. Münəvvər xanım bülbül kimi danışdıqca əvam, hətta qur’anda Yusif surəsini oxumayan Böyükxanım quruyub qalmışdı. Sonra gülə-gülə deyirdi: — Vallah bilsəm ki, mən gedən behiştə sənin müəllimən Liza xanım da gedəcək mən cəhənnəmə getməyə razı olaram. Bir də mən ona razı olmaram ki, mənim rəhmətlik atam gedən behiştə doktor Lui də getsin. Sən yəqin elə ki, allah behiştə bir nəfər xarici məzhəb aparsa bütün müsəlmanlar, xüsusən bizim təbrizlilər açıq edib hamısı behiştdən çıxarlar. Münəvvər xanım yavaş-yavaş gülürdü, dəsmalını ağzına tutub gülməyini anasına aşkar etmirdi. Deyirdi: — ana, özgələr ilə işim yoxdur. Mənim babam rəhmətlik ki, sənin atandır, ömrünü padşah qapısında başa verdi. Heç ola bilərdi ki, zülmkar bir padşahın yanında olan qulluqçu camaata zülm eləməsin? Bir də babam bu qədər dövləti haradan cəm eləyib?? Padşahdan ona yetişən məvacib onun qatırçılarını görməz imiş. Bəs bu milyon dövlət ki, bizə hibə edib onu kimdən almışdı? Söz yoxdur ki, fəqir camaatın malıdır. İndi bizim doktoru deyim. Onun anası-atası öz ruzilərindən kəsib onu dərsə qoyublar, nə qədər zəhmətlər çəkib ömür sərf edib, darülfünun qurtarıb, nə zülm etmək bacarır, nə qəlb sındırmaq. Nə də saır mərdümazarlıq kimi işləri öyrənibdir. Özü də gəlib Təbrizdə bu müsəlmanlara müalicə eləyir. Minlərcə insanı ölümdən qurtarır. İndi bax gör bunların hansı behiştə layiqdir? Böyükxanım Münəvvərin sözlərindən dilgir oldu. Lakin cavabını verə bilmədi, çünki hamama daxil olmuşdular. Böyükxanım evlərindən gəlmiş bir ipək xalçanın üstündə əyləşib, Münəvvər xanımın libasını soyundurub bir ağ buxçaya basır, bir-birinin üstünə qalayır, libasları, şlyapasını əzirdi. Libasını bu surətlə görən Münəvvər xanım deyirdi: — Ana, bu libasları böylə ki, elədin daha bunları bir də əyinə geymək olacaqmı? Böyükxanım Münəvvərin iltimasına qulaq vermirdi. Övrətlər də hər tərəfdən Münəvvəri ortaya alıb tamaşa edirdilər. Böyükxanıma tanış olan övrətlərdən bə’zisi izhari-məhəbbət edərək Münəvvərin üzündən öpürdü. Münəvvərin üzü qayət qızarmış, gördüyü vəhşaniyyət onu fövqəl’adə heyrətə düşürmüşdü. Övrətin birisi şlyapasına baxır, içindən gələn ətri qoxuluyur, valeh olur, öz-özünə deyir ki, «Xudavənda gör bu kafirlər müsəlmanı necə yoldan çıxarmaq istəyirmişlər?» Övrətlərin birisi də Münəvvərin qara tüklərini əlinə alıb mülahizə edir; tüklər nəzafətin axır dərəcəsində saxlanmışdır. Lakin övrət öz-özünə deyirdi: «Baxırsan qara şəvə kimi tükdür, bir-bir sayılacaq dərəcədə təmizdir. Amma əli vuranda adamın əti çimçəşir, çünki kafir əlindən çıxıbdır!» Münəvvər bütün zahiri, daxili libaslarını tökub üstündə bir ipək fitə olaraq anasının dalınca içəri hamama gedirdi. Dalınca vəhşilər sürüsü tökülüb barmaq çalırdılar, dodaq atıb deyirdilər: — Bu gün hamama cədidulislam gəlibdir, gül başıva Böyükxanım, yaxşı rüsvay olmusan, yaxşı axirətin bərbad olub! Bu qızın yedi evli həmsayələrə də zərəri vardır. Allah divanınızı eləsin, yaxşı müsəlmanlığı aradan götürmək istəyirsiniz!.. Böyükxanım hamamın mütəəffin suyunu Münəvvərin müəttər sabunlar ilə yuyulmuş başına tökub isladırdı. İslatdıqdan sonra gil suyu ilə yuyub üzünə ruşul sürtürdü. Çimdirdikdən sonra saçlarını İran övrətləri kimi nazik-nazik hörüb başda bit-sirkə olmamaq üçün vaxt ikən evdə öldürülmüş çivəni başının tüklərinin arasına çəkirdi. Çünki hamamda müsəlman övrətlərinin qisməti olan kəsafətdən Münəvvər xanıma da bir hissə yetişmişdi. Validənin fərti-cəhalətindən dünən təmizlik və nəzafətcə fransız qızlarına təfəvvüq edən Münəvvər xanım bu gün kəsif və mənfur bir iranlı qızı olmuşdu. Münəvvər xanım kəsrəti-ələmdən bilmirdi nə danışsın, nə etsin, ancaq ah çəkib deyirdi: – Ana başıma sürtdüyün çivəyə diqqət elə, çünki mənim başım bə’zi heyvanların müçavirətinə adət etmədiyindən böyük zəhmətlərə düçar olacaqdır. Bu gün mənim bədənimdə kəsafət və üfunətin töxmünü əkdin, bu sulardan aparıb kəhvarədəki uşağın bədəninə sürtsən iki gündə bit-sirkə çıxar, mən isə haman suya çimdim və başımı da yudum. Mənə rəhmin gəlmədi, axır mənim başımı nə üçün bu hala saldın? Bir də bu tükləri daramaq, açıb təmizləmək mümkün olacaqdırmı? Əlhəmdüllah mən müsəlman qızıyam, amma sən məni müsəlman etmək üçün başımı, bədənimi nəzafətdən çıxarırsan. Burada gərək şəriətimiz heç kəsə mötəərriz olmasın, çünki tükün, əlbəsənin əqaid və məzhəbə dəxli yoxdur. Bir də sabah mən bu halətlə doktorun evinə necə gedəcəyəm? Bu suların qoxusu bir ay qədər mənim bədənimdən yəqin ki, getməyəcəkdir. Əlalxüsus, müsəlman övrətlərinin qiyafətini daima tənqid edən doktorun nemsə müəlliməsi məni bu halda görsə bilirsən necə tə’n dilini açacaqdır?! Böyükxanım — Qızım qorxma, sənin yaxavı qurtardım, daha qoymıyacağam gedəsən. Münəvvər xanım — Ana, öylə buyurma! Buyur ki, yaxan qurtardı, səni öldürəcəyəm, sən onu yəqin elə ki, mən təhsildən qurtarmamış dünyada rahəti özümə həqarət hesab edirəm. Böyükxanım bu tövr sözlərdən mütəəssir olmadı. Münəvvər xanımı eşiyə çıxarıb Təbriz qızlarına məxsus libaslardan geyindirib, qabağına salıb evə aparırdı. Münəvvər xanım ağlayır, balaca Münəvvərin çöhrəsinin təravəti, vücudunun nəzafəti getmiş, gün qurub etmiş kimi bir şəfəq qalmış, o isə qara bulud məsabəsində olan çadrşəbi-tərin içindən parlayır, gözlərindən əşki-növmidi cari qılaraq deyirdi: ana mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq hey’ətindən çıxartdın? Böyükxanım — Qızım, sən mənim ürəyimin parçası, bədənim və vücudumun rahətisən, mən razı olmadım ki, beş günlük dünya rahətindən ötrü həmişəlik cəhənnəm odunda yanasan. Münəvvər xanım — Hərgah xudavəndi-aləm bu libasları geymək üçün insanı axirətdə cəhənnəm oduna yandıracaqsa bu libaslar da dünyada insana cəhənnəmi göstərir. Haliyədə bu libaslardan məni cəhənnəm qoxusu vurur, sən yəqin elə ki, bu libaslar əcəl libasıdır, mən örtdüm. Bu vaxt Münəvvər xanımın və Böyükxanımın yolu Dəvəçi qəbristanından düşmüşdü. Cümə axşamı olduğundan qəbristanda böyük izdiham var idi. Camaat sərilib orada olan kəçxanələrin kölgəsində əyləşib: kimisi börkünü alıb əlinə kənarlarını bitliyir, kimi kömləyini qaldırıb uclarında olan çüçüləri təmizləyir, kimisi də əlində yasin çərəkəsi, cümə surəsi (sübhanə) oxuyurdu. Bəylərbəyinin pişxidməti Qulam xan da nökərlər ilə durub Böyükxanıma və Münəvvərə tamaşa eləyirdi. Böyükxanım və dalınca Münəvvər xanım yavaş-yavaş gedirdilər. Lakin yolları Qulam xanın qabağından idi. Qulam xan qabağa keçib Böyükxanıma salam verdi. Böyükxanım isə cavabını verib keçdi. Ancaq Münəvvər xanım əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanımın işlərinə şaşıb qalmışdı. Bir tərəfdən libaslar dəyişib, başmaqlar dəyişib, bir tərəfdən çadrşəb əl-ayağına dolaşır. Bir tərəfdən də Böyükxanım kimi əvamın özgə kişi ilə salamlaşmasını görüb özünü itirmişdi. Təəccüb edirdi. Yolu rast gedə bilmirdi. Gah o tərəfə, gah bu tərəfə gedirdi. Başını qaldırıb yuxarı baxmağa, hətta ayağının altını da görməyə macal etmirdi. Zira nə çadrşəbə, nə də ayaqları bir-birinə dolaşdıran başmaqlara adət etmişdi. Böyükxanım isə Qulam xanı Münəvvərə nişan verərək deyirdi: Münəvvər, görürsən mənə salam verən oğlan necə oğlandır? Görürsən necə gözəldir? Necə boy-buxunu, əndamı vardır? Sən allah, Münəvvər, heç baxıb o xanı gördün? Münəvvər xanım — Ana, mənim nə işim vardır ona baxım? Kişi tayfası ilə mənim nə rabitəm vardır? Böyükxanım — O xan istəyir ki, bizim ilən qohum olsun. Bax gör xoşuva gəlir ya yox? Münəvvər xanım — İndi ərz elədim ki, mənim o tövr adamlar ilə nə işim vardır ki, baxım görüm gözəldir ya çirkindir. Hər kəsdir özünə. Böyükxanım qəbristandan uzaqlaşınca bir gedib, bir də dönüb baxırdı. Qulam xanın hüsni-camalına və saxta vəcahətinə firiftə olan Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. Fəqət zavallı və bədtale Münəvvər xanımı bədbəxt eləməkdən başqa bir çarə tapa bilmirdi. Münəvvər xanım da özünə məşğul olub, öz aləmində, öz fikrində idi. Bir tərəfdən qiyafət dəyişilib, insanlıqdan çıxıb, təhsildən qalıb, həm də Ermənistan məhəlləsinin yolu uzaqdan görünür: Yoldaşları yadına düşüb qayət müztərib olmuşdu. Böyükxanım da daima Qulam xanı Münəvvərə tə’rif, təvsiyə edirdi. Münəvvər xanım — Ana, mənim bu tövr sözləri əvvəlinci dəfə eşitdiyimdir. Səndən xahiş edirəm bu sözləri kənara qoyasan! Mənim ürəyimi xarab eləmə! Hissiyatımı dağıtma! Mənim nə rücuim vardır ki, Qulam xan bizimlə qohum olmaq istəyir? Mən də istəyirəm bir saat, bir dəqiqə təhsildən qalmayım, mümkün olurmu? Səndən təvəqqe edirəm, mənim ismətimə, abrıma, həyamə toxunacaq sözlər danışmayasan. Böyükxanım birahələr ilə Münəvvəri dolandırıb axşam əzanı çəkiləndə evə yetirdi. Rzaqulu xan da qızının təbdili-qiyafət etməsini görüb qayət dilgir oldu. Lakin Böyükxanım bu tövr işlərə baxmayıb gülürdü. Münəvvər xanım başında çadrşəb, mütəhəyyir və gözləri qızarmış evin aşağı başında durub, Böyükxanım da gülürdü. Amma Rzaqulu xanın rəngi təğyir tapmış, haləti dəyişmiş, bədəni titrəyirdi. Üzü Böyükxanıma kamali-xişm ilə deyirdi: — Mənim qızımı nə üçün belə təhərdən çıxardın? Sənə kim dedi ki, qızın libasını dəyişəsən? Böyükxanım — Qızı mən müsəlman elədim! Hərgah sənin sözünə baxsa idim ölənə kimi qız firəng evində qalacaq idi. Rzaqulu xan — Mən bu saatda özümü bu qüssələrdən qurtararam. Əlini atıb mıxdan tapançanı götürüb özünü öldürmək istədi, bu vaxt nökərləri tökülüb əlindən tapançanı aldılar. Amma Rzaqulu xan qəşş elədi. Yatağına gətirdilər. Münəvvər xanım da ağlamaqdan bihuş düşmüşdü. Rzaqulu xan və Münəvvər xanım qüssələrindən naxoş olub daima yataqlarında qaldılar. Amma Böyükxanım da bunların naxoş olmasını qənimət bilib daha Münəvvəri təhsilə buraxmaqdan vaz keçmişdi. Buna cəhət adamlar göndərib Qulam xanın anası Sərfnaz xanım ilə Münəvvərin işini qurtarmaq üçün sual-cavab edirdi. Lakin Rzaqulu xandan vahimə etdiyi üçün hərdənbir gəlib onu başa salmaq üçün müqəddimə açıb deyirdi: – Kişi indi mən mülahizə edirəm, sən özün olmusan bəstəri naxoş, uşaqların sinni kiçik, heç bir iş bilmirlər. Mal-dövlət, kəndlər, mülklər, bağlar tökülüb dağılır, bir pərəstar yox, baş çəkən yox; indi lazımdır ki, biz bir adam tapaq bu işlərə baş çəksin. Mülahizə edirəm, öylə bir xatircəm olmalı adam da yoxdur. Ancaq bir əlac ona qalıb ki, qızı verək Qulam xana. Eybi nədir, bu qədər dərs oxuyub bəsdir, bunun əvəzinə uşaqları göndərərik bir neçə il artıq təhsil edərlər. Rzaqulu xan — Övrət əqlin, huşun başında olsun. Mənim naxoş vaxtımda ürəyimin ipini qırma! Əvvəla budur ki, Münəvvər gərək təhsildən qurtarsın. İkinci gərək ərə getməli vaxtı gəlsin. Üçüncüsü mən qızımı insana və namus, qeyrət sahibinə verərəm. Nəinki Qulam kimi... ki indi də özgələrə övrətlik edir. Bəylərbəyi onu nədən ötrü yanında saxlayır, heç bilirsən? O tövr nakəsə qız vermək, bizə ar deyilmi? Bir halətdə ki, qız da uşaqdır. Bir də Qulam xan kimdir, sən və mən kimlərik? Onun atası Məmmədqulu Soltan qatırçı başı, sənin atan İranın məşhur nəcibzadələrindən hesab olunan Xudayar xandır. Heç əqlin yoxdur ki, onu özünlə bərabər edirsən? Böyükxanım — Qız tayfası səkkiz sinnində kəbirdir. Təvəqqe edirəm özündən təzə şəriət qayırma. Bir də mən qızımı firəng evində qoymayacağam! O ki, qaldı Qulam xana nanəcib deyirsən bu bir söz deyil: çünki hələ uşaqdır. Biz onu yaxşı əqlə gətirərik ki, Təbrizdə əvvəlinci adam olar. Bir də mən bundan sonra Qulam xan kimi gözəl, göyçək oğlanı haradan tapıb qız verəcəyəm? Hərgah onun Təbrizdə qız almaq xəyalı olursa Təbrizdə əlli adam ona qız verər. (Öz-özünə) Münəvvərin sinni azdır. Ərə getmək vaxtı deyil, söz tapıb deyir! (Rzaqulu xana) Xob, hərgah qızı səkkiz, doqquz yaşda ərə verməzlər, nədən bəs Hacı Nizamüddövlənin qızını yeddi sinnində və Hacı Qəvamülmülkün nəvəsi Sona xanımı səkkiz yaş yarımda, Hacı Mübəssirin bacısı Nazəndə xanımı doqquz yaşda ərə verdilər? Rzaqulu xanın bu sözlərə ürəyi daha tab etmiyərək yatağında bihuş düşmüşdü. Münəvvər də gecəni yatmadığı üçün bitab olmuşdu. Amma Böyükxanım böylə vəziyyətləri qənimət bilib Qulam xan ilə nə qədər tez olsa rabitə salmağı arzu etməkdə idi. Buna binaən bir tağa qiymətli şal, on tümən də pul götürüb cənab Mirzə Rəhim ağanın hüzuruna getdi. Böyükxanım başında zərbaf çadrşəb Mirzə Rəhim ağanın məhkəməsinə salam verib daxil oldu. Amma Qulam xanın anası Sərfnaz xanım vaxt ikən gəlib ağanın hüzurunda əyləşmişdi. Böyükxanım içəri girən kimi, Mirzə Rəhim ağa Böyükxanımın qiyafətini görcək Sərfnaz xanımdan xəbər aldı: Sərfnaz xanım bu kimdir? Sərfnaz xanım — Ağa, Böyükxanımdır, Rzaqulu xanın övrətidir. Mirzə Rəhim ağa — Xoş gəlmisən; qədəm rəncə buyurmusan... Böyükxanım, nə əcəb, sən hara bura hara? Dünyanın işi belədir birisi qız ərə verəndə, oğluna kəbin kəsdirəndə bizi yadına salar. Vallah indi Sərfnaz xanıma deyirdim. Sənin rəhmətlik atan mənim barəmdə nə qədər məhəbbət edirdisə öz yerində. Öz sahibin Rzaqulu xanın da bizə əlahiddə iltifatları vardır. Amma, düşəndə Nisə bəyim xanımdan ki, bizim uşaqların anasıdır, xəbər alaram sizdən heç bir iltifat bizim haqqımızda olduğunu söyləməz! Nə qonaq gəlirsən, nə qonaq çağırırsan. Eybi yoxdur, indi mən bunların hamısının əvəzini çıxardaram. Davalı iş olanda məni taparsınız. Böyükxanım — Ağa, sən özün alimsən, bilirsən ki, Rzaqulu xanın pis xasiyyətinə görə peşəmiz axşama kimi evdə çırpışmaqdır. Götürüb uşaqları qoyub firəng evinə dindən, məzhəbdən, yoldan çıxarıbdır. İndi mənim ərzim budur ki, bir növ eliyəsən qızı kafirlikdən qurtarasan. Mirzə Rəhim ağa — Doğrusu Rzaqulu xanın bu xasiyyətləri mənə çox naguvara gəlir. Neçə dəfə də çağırıb məzəmmət, məlamət eləmişəm, yenə başa gəlməyibdir. Hərgah xatiri mənzur olmasa idi verərdim səngsar edərdilər, daşlardılar, çünki Təbrizdə bir para bid’ətlər də qoyur. Qız nədir, firəng paltarı nədir? Heç bilirsən Rzaqulu xanın bu tövr xasiyyətləri və bid’ətləri səbəbinə bu Təbriz üləması məni nə qədər incidirlər? Nə vardır ki, Rzaqulu xan sənə ildə üç yüz tümən pul verir, ona görə onun eyblərini gizlədirsən, vəhalonki mən min tümənə şəriətin bir tükü-nü vermərəm. Rzaqulu xan olmasın vəliəhd olsun mən şəriəti dünya malına satan alimlərdən deyiləm! Rzaqulu xan mənə pul verir, məhz elm cəhətinə nəinki məni sakit etmək üçün. Böyükxanım — Allah səndən razı olsun, allah sizin kimi müctəhidlərin kölgəsini bizim başımızdan əskik eləməsin! Gərək bizə bir minnət qoyub qızın kəbinini kəsəsiniz, vallah şəriətə də köməkdir. Çünki qızı burada ərə verməsəm labüddən dərsə göndərəcəkdir. Mirzə Rəhim ağa — Böyükxanım, əvvəla sənin xatirin mənim yanımda mənzurdur. İkinci Qulam xan da hörmətli oğlandır, üçüncüsü bəylərbəyinin övrəti Şahnəvaz xanımın da sifarişi məni məcbur edir ki, bu kəbini kəsim. Amma sizə deyirəm, bu kəbin saır kəbinlərə bənzəməz. Xərciniz ağır olacaqdır. Lazımdır bu gecə kitabları tökub sabaha kimi vərəqləyib bir hədis tapam, bəlkə bu kəbini şəriətə sığışdıra biləm. Hərçənd bizim fitvamız, bizim qəsdimiz şəriətin də səlahıdır. Lakin yazıda əxbardad isbat olsa daha əfzəlraq, daha əkmalraq olar. Sərfnaz xanım bir tağa şal və on tümən ağanın qabağına qoyanda Böyükxanım da bir tağa kirənbaha şal ilə on tümən pul ağanın qabağına qoyub deyirdi: Ağa, az oldu, bizi bağışla, inşallah iş qurtarandan sonra Münəvvər səni özü razı edəcəkdir. Sərfnaz xanım Qulam xan tərəfindən vəkil oldu. Beş yüz tümən məhriyyəsi olmaq şərtilə ayini-nikah icra olundu. Sonra hər kəs öz evinə döndü. Böyükxanım da öz evinə gəlmişdi. Amma Rzaqulu xan və Münəvvər xanım huşa gəlməmişdilər. Bu vaxt gündüz saat bir radələri idi ki, doktor öz məxsusi faytonu ilə Rzaqulu xanı görməyə və Münəvvəri təhsilə aparmaq üçün gəlmişdi. Doktor içəri daxil oldu. Heç kəsi görmədi. Böyükxanım danışılan söhbətlərə qulaq vermək üçün qaçıb pərdə dalına keçmişdi. Nökərlər də eşikdə faytonu Rzaqulu xanın kaliskəxanəsinə çəkirdilər. Doktor əyləşib Rzaquluxanın kravatının qarşısında boş bir səndəldə Münəvvərin başına əl çəkir. Münəvvər xanım sərasimə gözlərini açıb başının üstündə öz məhriban əmisi mənziləsində olan doktoru görüb həyasından yorğanı başına çəkmək istəyirdi. Çünki Münəvvər büsbütün qiyafətdən çıxmışdı. Doktor — Qızım, kefin necədir? Münəvvər xanım — Gərək ki, siz mənim kefimi yaxşı bilmişsiniz, çünki bir necə dəqiqədir mənim qiyafətimə, tüklərimə baxıb təbəssüm etmək istəyirsiniz. Doktor — Yaxşı iranlı qızı olmusan! Eybi yoxdur, amma böyük əziyyətdir. Baxıram səndə heç bir naxoşluq yoxdur, ancaq nədənsə çox qüssə etdiyindən qəlbin qayət müztəribdir. Münəvvər xanım — Gərək ki, qüssəm də sizə mə’lum olmuşdur. Lakin məni məşğul etməkdən ötrü söhbət açırsınız. Qulamhüseyn nökər doktora çay gətirdi. Doktor isə bir istəkan Münəvvər xanımdan ötrü gətirdib ona içirdirdi. Münəvvərin xoşuna gəlmədiyi üçün məhz doktorun xatirinə içirdi. Balaca Münəvvərin ümdə diqqəti üstündəki nazik yorğanına idi. Çünki haman yorğan bir az kənar olsa idi iranlıların, xüsusən təbrizlilərin gödək, qısa qiyafətləri, yaxud insanı güldürən əlbisələri doktora görsənəcək idi. Bu isə Münəvvər xanımı ziyadə düşündürürdü. Lakin hər bir sözdə ədəb dairəsini riayətlə doktorun bütün fərmayişatına bəli, bəli! deyirdi. Doktor — Qızım, nə üçün iki gündür dərsdən qalmısan? Olmaya bu az naxoşluğu ünvan eləmisən? Münəvvər xanım — (Ağlıya-ağlıya) naxoşluğum dərsdən qalmağım üçün deyil də bəs nədir? Doktor — Bala, bir de görüm axı dərsdən niyə qaldın? Münəvvər xanım — Bəxtim, taleyim bu işləri məndən də yaxşı bilir. Çünki hər işimi onlar bərçidə edir. Doktor — Qızım, doğru söylə görüm nə üçün dərsdən qaldın? Münəvvər xanım ağlamağına şiddət verib dedi: əmi, bax gör anam məni necə bədbəxt elədi. Bax, mənim libaslarım nə haldadır? Doktor gülə-gülə yenə Münəvvərin başına əl çəkib deyir: qızım, heç ağlama! Sən gərək bu tövr libası bir saat da olsa əynivə salıb xəyal edəsən müayinə görəsən ki, sənin iranlı bacıların bu libaslardan necə əziyyətlər çəkirlər, necə rüsvay olurlar, çünki bu əlbəsəni insan iste’mal eləməz! Münəvvər xanım ağlayıb yorğanı üstünə çəkmişdi. Amma doktor öz-özünə deyirdi: bilmirəm bu cəhalət biçarə müsəlman övrətlərinin içindən nə vaxt çıxacaqdır. Biçarə Rzaqulu xan tələf olub ömrü fənaya gedib, biçarə İranda hər kəsə baxır fərəh görmür. Doktor ağlayırdı. Amma Rzaqulu xan da gözlərini açıb doktoru görüncə ayağa qalxmaq istədi. Doktor əlini onun çiyninə qoyub, qardaş rahat ol, deyə yenə yerində yatırdı. Amma yatmış yerdə təarifati-rəsmiyyəni əmələ gətirirdi. Doktor Rzaqulu xana təsəlli verib deyirdi: heç qorxma, sənin ayağa durmamağın naxoşluğun şiddətindən hasil olan zə’fdən deyil, ancaq bir yanın üstə çox uzanmısan ə’sab damarlar quruyubdur. Ancaq çox fikir eləmə! Məni istəyirsən başqa işlər danış, başqa romanlar oxu, məşğul ol! Naxoşluğun qorxulu deyil! Rzaqulu xan — Qardaş, mən necə gecə-gündüz ağlayıb vətən üçün fikir etmiyim? İndi mənim əziz vətənimin qorxulu vaxtıdır, daha burada təsəlli yeri yoxdur ki. Doktor — Gərək sənin kimi zatlarda tabi-müqavimət olsun. Beş günlük qüssə ilən meydandan qaçmasın! Vətənin qüssəsini çəkib çarə və islahına çalışmaqda heç kəsə macal verməsin! Sən də beş gün qüssə səbəbinə ayaqdan düşərsən, əvvələn öz övladın, ikinci bu başsız camaat nə qayıra bilərlər? İndi mənə buyur görüm nə üçün yatmısan? Mən necə gün bundan qabaq sənin gözlərinə və saır yerlərivə baxmışam, səndə bu tövr mərəzlərin zühuruna imkan yox idi. De görüm başıva bir qəzamı gəlmiş? Rzaqulu xan — Mənim naxoşluğuma səbəb öz ailəmizdir. Aparıb hamamda qızın libaslarını dəyişdirdikdən az qalmışdım ki, özümü aləmin dərd qüssəsindən qurtarım. İndi iki gündür ki, ürəyimdə bir kuppultu vardır. Bir də elə bil ki, gözlərimin damarlarını çəkirlər. Gözlərimi əsla açmaq istəmirəm. Başım da çox ağrıyır. Gecələr çox narahat oluram, yemək içmək də yoxdur. Doktor bir az fikirdən sonra Rzaqulu xanın bədənini müayinəyə başlayır. Doktor qabaqca Razaqulu xanın üzünü mülahizə edirdi. Çöhrəsi qayət solğun isə də yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. Qulaqlarının dalısı batmış, barmaq girəcək dərəcədə dərinləşmiş, gözlərinin üstü, qaşların uclarında çuxurlaşmış. Doktor Rzaqulu xanın göz qapaqlarının iç təbəqəsini mülahizə edirdi. Rzaqulu xanda bəzi mərəzlərin vücudilə, başqa bir əlaməti faruqədə dəxi görsənirdi. Doktor oftalmoskopu çıxarıb Rzaqulu xanın dimağını və bu kimi bə’zi nöqtələri diqqətlə mülahizə edib fikir edirdi. Oftalmoskopu buraxdıqdan sonra Rzaqulu xana — qardaş, başın necədir? Ağrısı daimidir, yoxsa hərdənbir çırpınır, yenə sakit olur? Rzaqulu xan — Başımdakı ağrı daimidir. Lakin şiddət də edir. Doktor bir az fikirdən sonra xanın sinəsini açıb sol əlini Rzaqulu xanın sol tərəfinə qoyub sağ əlinin işarət barmağılə mərizin nahiyeyi qəlbini xəfif surətdə döyüb qulaq verdi. Mərizin ürəyində qeyri-təbii bir gurultu, bir çırpıntı mülahizə olunması doktoru əmiq bir surətdə düşündürürdü. Bir azdan sonra steteskopu çıxarıb bir ucunu mərizin sinəsinə bir ucunu da öz qulağına qoyub mülahizə qılırdı. Mərəzin müxtəlif və mütərəddid olduğu üçün mərizin vücudunu əhatə edən əmrazın hansı muzürrdür, təşxis etmək olmurdu: Fəqət burası mə’lum olurdu ki, Rzaqulu xanın daxili ə’zaları qayət qorxuludur. Mərizin ə’zayi-daxiliyyəsinin fotoğrafını almaq, müayinə edib mərəzi təşxis etmək arzu olunduğu üçün rentgen maşınası lazım idi. Buna cəhət doktor bir məktub Qulamhüseyn ilə övrəti Liza xanıma göndərib rentgen maşınasını istədi. Qulamhüseyn rentgeni gətirdikdən sonra müayinəyə başladı. Doktor Rzaqulu xanı qaldırıb arxasında mütəkkalar olaraq sinəsini kamil açıb maşınanın qabağında oturtdurdu. Qəlbin, ciyərlərinin və sədrdə vaqe saır ə’zayi-daxilinin fotoğrafını aldı. Bir qədər mülahizədən sonra rəngi təğyir tapmışdı. Zira Rzaqulu xanın ciyərləri və ürəyi qayət qorxulu idi. Rzaqulu xan — Qardaş, olur ki, haman fotoğrafı mən də mülahizə edim? Doktor — Qardaş olmaz! Sən tibb əməliyyatını bilmədiyin üçün və o əməldə vuqufun olmadığı üçün içəri ə’zaların hey’ət və surətini görər isən nifrət edərsən. Olar ki, qorxarsan da, bizə müəllimlər təşrihxanədə deyirdilər, hər kəs ki, təbib deyil içərinin fotoğrafını ona göstərməyiniz; Rzaqulu xanı bu sözlər sakit elədi. Amma doktor fotoğrafı daimi surətdə mülahizə edirdi. Nə görürdü: Mərizin ürəyi qayət yığışıb kiçilmişdir. Ağ ciyərlər tökülüb bərhava olmuş. Lakin yaxşı mütəvəccəh və müdava olunarsa üç il dünyada ömr etməyə iqtidarı qalmışdı. Doktor xuddarlıq edə bilməyərək, gözlərindən yaş tökülürdü. Üzünü bəhanə üçün Münəvvərə tutaraq göz yaşını dəsmal ilə silirdi. Doktor bir azdan sonra mərizi öskürdüb boğazının suyundan mikroskopa qoyub baxdı. Aşkar olurdu ki, zavallı Rzaqulu xanın bədəni məhz qüssə və qəmdən əriyib qurtarmışdır. Doktor — Qardaş, çox qüssə eləmə! Yazı, kitab, jurnal ilə iştiğal etmə! Xüsusən bu günlərdə ruznamələrə heç baxma! Mümkün isə gedib bir neçə ay kəndlərdən birində qalgilən! İstərsən mən də gələrəm məşğul olarsan. Bacardıqca piyada olaraq gündə bir az dolanarsan, qəlbə səfa verən romanlardan oxumaq zərər verməz. Faciələr, tragediyalar oxumaq zərərdir. Övrətin Böyükxanımla çox oturub durma! Çünki onun müsahibəti səni həmişə qəzəbləndirir. Qəzəb də bu mərəzə çox zərərdir. Doktor bundan sonra Münəvvər xanıma mütəvəccəh olub deyirdi: — Qızım, bu gün vaxt keçmişdir. Sabah yenə tezdən gələcəyəm. Olqanı da gətirərəm bir yerdə paltarlarıvu geyib dərsə gələrsiniz. Doktor xanı və Münəvvəri vida edib xanəsinə döndü. Doktor Rzaqulu xanı və Münəvvəri vida edib xanəsinə döndükdən sonra Rzaqulu xanın yatağını bir sükunət əhatə etmişdir. Münəvvər xanım yoldaşlarını görmək, yenə təhsilə davam etmək üçün sübhi gözləyir, Rzaqulu xanı isə dərdinin, öz mərəzinin fikri deyil, övladının təhsilinin, vətənin xəyalı iştiğal etmişdi. Gecə yaxınlaşmış, Rzaqulu xanın otağında zəif işıqlı bir (noçnik) — yataq lampası yanır. Çırağın şö’ləsi yatağdakı aynalara düşüb Rzaqulu xanı narahat etməsin deyə xodu qayət alınmışdı. Nə Münəvvər yatırdı, nə də Rzaqulu xan. Münəvvər sübhün intizarını çəkirdi. Rzaqulu xan da sübhü fəqət doktorun gəlməsindən ötrü istəyirdi. Münəvvər tez-tez ağuşqalara baxıb öz-özünə deyirdi: Allah, bəs haçan sübh olacaq? Bu qaranlıq evdən haçan qurtaracağam? Böyükxanımın otağında kəmafissabiq çilçıraqlar yanır, lalələr şö’lələnir. Otağın aynabəndləri hər tərəfdən parlayır, şamların, lampaların əksi aynalara düşmüş, hər tərəf atəş içindədir. Böyükxanım isə işıqların içində vaqe olan bir qara bulud parçası kimi əyləşmiş, sandıqları açıb öz atasından gətirmiş çehizlərini tökub hansı Münəvvər xanıma layiq isə ayırıb bir tərəfə qoyurdu. Bir azdan sonra nökərlər, kənizlər hər kəs öz yatağına çəkildi. Yatmaq istəyənlər hamısı yatdı, qapılar bütün bağlandı. Lakin Böyükxanım otaqda dolanırdı. Qulam xanın vəslinə Münəvvər kimi bir qızı əsir verməklə çarə etdiyi üçün şadlanırdı. Əlini belinə qoyub otağı gəzə-gəzə oxuyurdu. Hərdənbir Münəvvərin üstə gəlib üstünü basdırırdı. Bağrına basırdı. Barakallah balaca qızım, deyə gözlərindən, dodaqlarından öpürdü. Münəvvər xanım — Ana, sən allah hələ sabaha çoxdur? Böyükxanım — Gülüm, sübhü nə edirsən? Yat, hələ axşamdır! Sən olasan mənim canım Münəvvər de görüm sübhü nə edirsən? Münəvvər xanım — Ana, sübh olan kimi əmim gələcək, Olqa da gələcək, yenə libaslarımı geyib dərsə gedəcəyəm, ana, sən allah sübhü mənə tez xəbər ver ki, yuxu məni aparmasın. Böyükxanım — Qızım, bir vaxt olacaq ki, sən sübhü axtaracaqsan. Amma nəinki dərsə getməkdən ötrü... Rahət yat! Sən dərsi nə eləyirsən? Dövlətin var, gözəllik vardır, bəsdir. Sənin nə işin vardır Olqa ilə, dərs ilə, onları yadından çıxartgilən. Daha səni təhsilə buraxmayacağam. Münəvvər xanım — Ana, məni istəyirsən dünyada rahat olum gərək ki, dərsdən, elmdən mən etməyəsən! Mənim boynuma bir haqq qoyarsan! Mən nə dövləti istəyirəm, nə də gözəlliyi, onlar insanın məcazi ziynəti isə də elm və mə’rifət insanlığın həqiqi ziynətlərindəndir. İnsaf elə, atam həyatda ikən məni mən etmə, qoygilən təhsil edim. Münəvvər xanım bu sözləri dedikcə Böyükxanım da onu öpüb iyləyirdi. Lakin Münəvvəri şad edəcək bir cavab vermədiyi üçün Münəvvər ucadan ağlayırdı. Bu ağlamaqdan sonra yuxuya gedib Böyükxanım da üstünü örtüb öz yatağına getmişdi. Çoxdan sonra Münəvvər xanım gözlərini açıb sübhün yaxınlaşmasını hiss edirdi. Lakin yəqin dərəcəsində deyil idi. Fəqət çoxdan sonra dəryaçada üzən ördəklərin səsi sübh olmasını yəqin etdirirdi, sübhün asarı getdikcə kəsbi isbat edirdi, şişə ilə qaranlıq təfriq ediləcək dərəcədə olduğundan ağuşqanın qabağında olan meyvə ağaclarının meyvəsi ilə yarpağı mə’lum olurdu. Bundan sonra Münəvvər gözünü ağuşqadan dolandırıb qapıya dikmişdi, zira yoldaşı Olqa xanım və əmisi doktorun gəlmək vaxtları yaxınlaşırdı. Amma Münəvvəri şiddətli bir qızdırma basmışdı. Gözlərini qızdırmanın şiddətindən açmağa imkanı yox idi. Doktorun, Olqanın gəlmələrinə müntəzir olduğu üçün taqətsiz gözlərini qapıya dikib durmuşdu. Bədbəxt, zavallı Münəvvər nicatı və cəhalət əlindən rəhayab olmağı doktorun, Olqanın vürudindən bilmişdi. Lakin sonralar rahi-nicatın məqsud və məfqud olduğunu düşündü. Təhsildən, elmdən, hətta dünyadakı həyatından naumid oldu. Otaqları işıq tutub günün zərrati şişələrdən içəri duşər-duşməz doktor Lui və Olqa xanım da başının üstündə əyləşmişdilər. Olqa xanım Münəvvərin başı üstündə əyləşib Münəvvərin üzünə baxır, rəngini qızarmış görüb babasına deyirdi: Baba! sən deyirdin naxoş deyil, indi Münəvvərin rəngi çox qızardığından görünür ki, naxoşdur. Doktor — Bəli, axşam naxoş deyil idi. İndi isə qızdırmışdır. Münəvvərin başına bir ağ dəsmal bağlamışlar, siması, çöhrəsi qızarıb, dodaqları quruyub, nəfəsi iti-iti çıxır, qayət sərianə surətdə nəfəs alırdı. Tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayır. Münəvvər xanım birdən-birə diksinib gözlərini açdı. Yanında Olqa xanımı görüb çox münfəil bir surətdə qollarını çıxarıb Olqanın boynuna saldı. Zira qiyafəti dəyişilmişdi. Münəvvər xanım — Olqa, sənin ayrılığın mənə bu mərəzin tə’sirindən şiddətlidir. Allah şahiddir ki, naxoşluğa razıyam, amma təhsildən və sizin söhbətlərinizdən məhrum olmağa razı deyiləm! İşimin axırından qorxuram, qabaqdakı maneə mənim bədbəxt olmağımı göstərir, allah o günləri göstərməsin ki, təhsildən qalım! Münəvvər xanım bu sözdə ağladı, Olqa xanım da ağladı. Olqa xanım da üzünü Münəvvər xanımın balışı üstünə qoyub ağlamağa davam edirdi. Münəvvər xanım bihuş düşmüşdü. Doktor isə Rzaqulu xana lazım olan davaları içirdib deyirdi: qardaş, naxoşluqdan bir fayda yoxdur. Dur ayağa avqust ayı yaxınlaşmışdır, uşaqları göndərək getsinlər təhsillərinə, bu il də keçsə çox çətin olar. Rzaqulu xanın bu sözlərdən bir az rəngi açıldı. Məqsədin hüsulunu yaxınlaşmış görüb bir az şadlandı, üzü doktora: – Qardaş, bir neçə gün səbr elə, Münəvvər də yaxşı olsun, xudanəkərdə, yollarda naxoş olsa uşaqlara əziyyət verər. Amma burasını səndən təvəqqe edirəm əvvəlcə qardaşın Rasinə yazasan ki, mənim hörmətimi riayətən zəhmət çəkib aparıb Münəvvəri yerinə qoysun. Doktor — Qardaş, o barədə fikir eləmə! Olqa da Münəvvər ilə bir yerdə oxuyacaqlardır. Ancaq siz uşaqların tədarükünü tez görəsiniz. Rzaqulu xan — Tədarük filan lazım deyil. Ümdə tədarük puldur ki, o da ingilis əmanətxanəsindədir. Sizə də lazım olsa çek verərəm alarsınız. Doktor — Bizə pul lazım deyil! İndi neçə ildir ki, qənaət etmişəm, bir ilin xərcləri ilə yol məsarifini düzəltmişəm! İnşallah yenə qənaət edib düzəldərəm. Hərgah olmasa da evdə artıq fərşlər də vardır satıb göndərərəm. Amma gərək avqustun beşindən keçməsin! Bu vaxt doktor getmək istəyirdi. Lakin Olqa getmək istəmirdi. Münəvvəri də aparmaq istəyirdi. Doktor isə qızım, naxoşdur indi getməsi mümkün deyil! Bir də iki gün dərs də olmayacaqdır. Səbr elə, bir az yaxşı olsun gələr. Bu cəhətə Olqa xanım Münəvvəri vida edib atası ilə bərabər xanələrinə döndülər. Böyükxanım da rəngi ağarmış yataq otağına girib xişm ilə Rzaqulu xana deyirdi: Bəli, bundan sonra Münəvvəri qoyacağam getsin, Firəngistana!! Rzaquluxan — İnsaf elə, başımı ağrıtma! Frənkistana gedən kimdir? Sən öz dilivi danışa bilmirsən, indi bildin ki, biz nə danışırıq? Böyükxanım — Mən görmürəm ki, Şvetsariya, Münəvvər sözü danışırsınız? Mənim də əqlim vardır! Vallah ona da Qulam xan deyərlər, onun nişanlısını Frənkistana göndərənin kökünü kəsər. Rzaqulu xan — Mənim qızımı Qulam xana kim nişanlı qıldı? Mənim uşağıma kim vəkildir? Məgər şəriət yox? Allah yox? Mənim gözüm baxa-baxa kimin nə cür’əti vardır ki, mənim övladıma bu zülmü rəva görsün? Böyükxanım — İstəyirsən məni öldürgilən, eşiyə salgilən, mən getdim, verdim, Mirzə Rəhim ağa kəbinini kəsdi. Sən iki nəfər oğlanlara vəkil ol! Mən də bir nəfər qızıma vəkil oldum. Qulam xana verdim. Rzaqulu xan yerindən hövlnak qalxıb ağlaya-ağlaya Münəvvəri basıb bağrına deyir: Evim yıxıldı, qızım! Yaxşı elm təhsil elədin, yaxşı arzularıma nail oldum! Münəvvər xanım da Rzaqulu xan da qəşş edib bir yerə yıxıldılar. Amma bu gündən hər ikisi şiddətli naxoş oldular, daha ayağa durmaqları mümkün deyil idi. Doktor Lui, Olqa xanım və sairləri Münəvvərin, Rzaqulu xanın iyadətinə gəlirdilər. Doktor, Münəvvərin bədbəxt olmasını anlayıb deyirdi: heyif ki, Münəvvərin qəlbində olan arzular nəhayətə yetişmədi. Onun təhsilə olan məhəbbəti çox böyük idi. Münəvvər xanım və Rzaqulu xan naxoş yatırdılar. Avqust ayının beşi də yetişmişdi. Doktor oğlunu, qızını təhsilə göndərirdi. Avqust ayının beşi, Rzaqulu xanın yazı xanəsində vurulan saat səkkizi çalmışdı. Rzaqulu xan mərəzin şiddətindən özünü bilmir, çırpınır, o səmtə bu səmtə dönür, sinəsi döyünür, iztirabını aşkar edirdi. Münəvvər xanım da qızdırmanın şiddətindən, öz təhsilindən naumid olmaq qüssəsindən narahat və bir iztirab içində idi. Böyükxanım da əlindəki xakəndaz içindəki atəşin içinə bir az üzərlik tökub Münəvvərə tüstü verirdi, dua oxuyurdu, onun xəyalınca Münəvvərin naxoşluğu göz dəyməsindən imiş. Bu heyndə qapı açıldı, doktorun oğlu, qızı səfər libasında olaraq atalarının məiyyətində Münəvvəri və Rzaqulu xanı vida üçün gəldilər. Qabaqca doktor Rzaquluxanın əhvalını soruşurdu, ona təsəlli verirdi: Qardaş, heç qəlbini sıxma, qəza həmişə insanın başındadır. Amma mən də bədbəxt oldum. Sənin yanında xəcalət qaldım. Dünən sübh saat beşdə Hacı xan və Pərviz xan Münəvvərin bədbəxtliyini eşidib bir çox ağladıqdan sonra Lizadan sizə gəlmək üçün izn hasil edirlər. Bu gün sübh eşidirəm hər ikisi bir faytonda Tehrana qaçmışlar. İndi siz nə məsləhət görürsünüz? Mən onları yolda tutdurum, yainki dallarınca getmək məsləhətdir? Rzaqulu xan — (Ağlaya, ağlaya) xudavənda, mənim arzularım övladımın əsir və dərbədər olması ilə xatəməpəzir oldu. Daha mən ömrü istəmirəm, mən bundan sonra hansı vəsilə ilə vətənə xidmət edim? Qol-qanadım sındı; vətənimə rəxtxab içində yatmaq ilə kömək edə bilmərəm, vətən məndən də naxoşdur. Allah, daha diriliyim ruhuma əziyyətdir! Zavallı Rzaqulu xan bu sözlərdən sonra qəşş eləmişdi, doktor da dəsmalını gözlərinə basıb uşaq kimi ağlayırdı. Jorj və Olqa xanım da Münəvvərə məşğul olub ona təsəlli verib deyirdilər: qardaşlarımız Tehrana qaçdı, sən də bədbəxt oldun, bizim sizin musahibətinizdən əlimiz çıxdı, indi Parisə yola düşürük. Ağlamaq və ayrılığın acı hissləri bizi Parisə qədər müşayiət edəcəkdir. İndi bacı, sən də al bizim siz ilə bir yerdə aldırdığımız təsviri. Yanında yadikar saxla. Hər vaxt xəyalında qardaşların və bizlər gələrsə bu əksə bax, ağla! Biz də öyləcə etməyi qərarlaşdırdıq! Bacı, biz əslən firəng övladlarıyıq, lakin iranlıyıq, çünki İranda doğulduq, İranı da çox istərik. Getdiyimiz Paris bizə vətən hesab olunursa müstəar bir gəlmədən ibarət qalacaqdır. İran bizcə bahalı bir şeydir. Əfsus ki, bizim kimi övladını insaniyyətcə tərbiyə etməyə qadir olmadığı üçün qürbətə vadar edir. Biz İranı Parisdən dost tutmaqdayıq. Fəqət Parisin darülelm və mənbeyi-insaniyyət olması bizi bu səfərdən bir az məmnun edir. Münəvvər xanım — (boğazı ağlamaqdan tutulmuş) Bədbəxt olan, elmdən, təhsildən məhrum olub bir nakəsə əsir kimi satılan bacınızı yadınıza salın, qardaşlarım qaçdı, yoldaşlarım da arzularının dalınca gedirlər, müsahibətləri ilə nəşvünüma etdiyim bütün munislər dağıldı: mən təkcə bir zalımın, bir insan qatilinin əlində əsir qalıram. Amma siz gəlib daha məni həyatda görməzsiniz. İrana qayıtdıqda müsəlmanlar arasında nəşri-maarifə çalışın! Qəbrim üstünə zəhmət çəkib gəlin, ruhum bəlkə bir axirətdə şad olsun. Məzar daşını vurun, məni gəlməyinizdən xəbərdar edin... Bir də bunu yəqin ediniz ki, sizin şirin müsahibətnizi və təhsilin qiymətli günlərini ruhum, məqərri-əbədidə də xəyalına gətirərsə, fəryad edəcək, fəganə gələcəkdir. Məni halal eliyin! Ah bədbəxt ana! Özün də bədbəxt oldun, mən də bədbəxt oldum, qardaşlarım da! Sənin elmsizliyin bu ailəni dərbədər etdi! Məni əcələ, qardaşlarımı qürbətə verdin. Atam isə rəxtxab içində sızıldayır. Münəvvər xanım bu sözlərdən sonra qəşş elədi. Olqa xanım, Jorj və ataları qalxıb faytona rakibən Parisə yollandılar. Doktor da evinə getdi. Rzaqulu xanın isə bütün sənələrcə çəkdiyi arzular xitamə yetişdi. Naumid oldu, mərəzi də şiddətləndi. Axşam olub Rzaqulu xanın və Münəvvər xanımın yataq otağını qaranlıq tutmuşdu. Qulamhüseyn nökər stulu ayağının altına qoyub əlində kibrit, lampanı yandırırdı. Bir tərəfdən də Böyükxanım şad və xürrəm gümüş padnos içində iki istəkan kəmrəng çay gətirmişdi. Çırağın şəfəqi Münəvvər xanımın gözlərinə düşdükdə yuxudan ayılıb, yaxud qəşş aləmindən huşa gəlib vida üçün başı üstünə gəlmiş yoldaşlarını axtarırdı. Yuxudan gözlərinin nisfi açılmış, nisfi açılmamış halda əlini o tərəf bu tərəfə atıb gah Jorj, gah Olqa səsləyirdi. Lakin heç kəsi görə bilmirdi, və də bir səs eşidə bilmirdi. Nəhayət naumid əllərini sinəsinə qoyduqda əlinə bir paket təsadüf etdi. Ruhu, hissi haman paketə məşğul olduğundan Qulamhüseyndən lampa istəyib oxumağa başladı. Məktub kimdən idi? Jorjdan və Olqa xanımdan yazılmışdı. Məzmunu nə idi? Aşağıdakı dilsuz məqalədən ibarət idi: məhəbbətli bacımız! Səni vida üçün gəldik! Qəmli bir lisan, aləməfza bir üslub ilə danışdıq. Əfsus ki, səndən son vidada bir söz eşitmək müvəffəqiyyətinə nail olmadıq. O axırıncı kəlməni biz çox qiymətdar hesab edirik. Zira, bizim dilimizdə, qəlbimizdə qiyamət olunca ruhumuzun da yanında bir yadikari-qiymətdar olmaq üzrə hifz ediləcək idi. Sən və sənin şirin müsahibətin gözümüzdə mücəssəm duracaq idi. Sənin son vidadakı vəziyyətin, halətin də çox faciəanə idi. Haləti-qəşşin bizi ağlatdı, o müsibətli dəqiqələr, o faciəanə saat, niskil və təhəssürlə malamal olan ürəyimizdə nəqşpəzir oldu. Camalın solmuş, xəzan fəslində peşiman-peşiman pərdəsini atan güllər kimi ağarmış, kamincə açılıb bacın və qardaşınla danışmayan dodaqların xəzanə təsadüf etmiş qönçələr kimi qaralmış, rəngi-təbiisindən çıxmışdır. Filhəqiqə sıhhət və salamətinə talib olduğumuz Münəvvərin bu halı pək ağlamalı, pək qüssəli idi. Lakin bizə yaxşı meymannəvazlıq edəmədiyin üçün darılma, xəcalət çəkmə! Zira sənin o halətin ixtiyari deyil, məcburi bir iş idi. Bizdən sonra anam Lizaya gedib təsəlli verərsən! Anam da sənə təsəlli versin! Hər ikiniz ağlayın, zira ki, bizlər də ağlayırıq. Məktubumuzu Parisdən və Şvetsariyadan gözlə! Meyriban və bədbəxt bacımız, salamat qal! Əlinizi sıxıb ayrıldıq! Sizin mühubbiniz: Jorj və Olqa» Münəvvər xanım məktubu ağlaya-ağlaya büküb sinəsinə basdı, sonra başının üstündən Olqa xanım verdiyi təsviri götürüb baxmağa başladı. Münəvvər xanım təsvirdə ən əvvəl öz qiyafətinə baxıb təhsil zamanlarını dərxatir etməklə ağlayırdı... Gah Jorj, gah Olqa, gah da öz qardaşları ilə iştiğal edib ağlamaqda idi. Şiddəti-təhəssürdən yerindən çıxıb qaçmaq istədi, lakin neçə günün şiddətli naxoşluğu bədənində qüvvət qoymadığı üçün otağın nisfində yıxılıb qəşş elədi. Rzaqulu xan yerindən qalxıb balam öldü! — deyə qışqırır. Öz-özünə deyir: xudavənda mənim övladımı dağıdıb təhsildən qoyanların, mənim evimi dağıdanların divanını elə. Allah, məni öz insaf və mürüvvətimin yanında xəcalət qoydular... Münəvvər xanımı qulluqçular rəxtixabinə saldılar. Bir azdan sonra huşa gəldi, yenə əvvəlki suziş və fəryadi-təhəssürünə davam edirdi. Amma Böyükxanım da öz-özünə deyirdi: allah o adama divan eləsin ki, övladımın başına uşaqlıqdan sövda saldı. Qız nə bilirdi ki, Şvetsariya nədir? Frənkistan haradadır ki, indi ora getməkdən ötrü qəşş eləsin? Hələ utanmır da danışır. Münəvvər xanım da əlindəki təsvirə baxıb qardaşlarını müxatəb etməkdən çəkinmirdi: Qardaşlarım! Gözümün işıqları! Ruhumun, cismimin ənisləri! Bədbəxt Münəvvəri kimin ümidinə tapşırdınız? Olqaya, Jorja isə onlar da məni öz dərdimə, qüssəmə buraxıb vida etdilər. Mən bu qaranlıq evdə qaldım, amma bu qaranlığa razıyam. İnsafsız və meyribanlığın əksincə olan anam ona da razı olmur... Məni əsir olaraq satır. İnsan alış-verişi mənim üzərimdə təcrübə olunur. Mən əsir gedirəmsə də sizin qürbətzədəliyiniz mənim əsarətimdən də qəlbimcə müəlləmdir. Təhsildən qalmaq dərdini, naxoşluq xülyasını, əsirlik bəlasını büsbütün unutmuşam. Fəqət sizə məşğulam. Çünki siz qürbət görmüyubsunüz, siz atanızın ziyarətinə Ermənistandan xiyabana gələndə nökər və fayton ilə gəlirdiniz: indi qorxulu, xətərli əllərdə sizə yolda kimdir? Siz gecələri iki qardaş bir də bacı bir otaqda yata bilmirdiniz, bir halətdə ki, bütün mücavirət və ziyarətdən asudə idiniz. İndi hansı murdar və kəsif karvansaranın bucağında qısılıb yatmısınız? Tükdən rəxtxab, təmiz və lətif kravatda yatmağı istəmirdiniz, indi heç rəxtxabınız da varmı? Libasınızı təbdil edib, çay, təam hazır edən varmıdır? Ah, xudavənda cəhalət nə təxribedicidir? Görəsən ilahi, bizim kimi də İran mülkündə bədbəxt olan bəndə vardır? (Anasının dalınca) Ana, heç kəs də sənin kimi bədbəxt olmadı. Sən hələ bilmirsən öz-özünə nə zülm elədin, tutduğun işlər bizim qapının bağlı qalmasına böyük isbatdır. Heyif qardaşlarım, heyif atam, amma mən öz ölməyimi istəyirəm, çünki qız uşağının istiqbalı o qədər də gülməz, qüssə, ələm, ağır təhmilatdan ibarət bir dövri-mənhusə olar. Rzaqulu xan bihuş, Münəvvər ağlamaqda idi. Amma Böyükxanım da fürsəti qənimət bilib, sahibi yaxşı olub ayağa durmamış Münəvvərin işini düzəldib köçürtmək istəyirdi. Otaqları ziynətləndirib lazım olan bə’zi şeyləri bazardan aldırırdı. Sonra gəlib əlini Münəvvərin başına qoyub deyirdi: Bala ağlama, dur bir az otur, çox da ağlama! Fikir eləmə! Sabah səni köçürdəcəyəm, görərsən Qulam xan necə oğlandır, sonra bir para işləri yadından çıxararsan. Münəvvər xanım — Ana, mənə rəhmin gəlsin; məni bu uşaq vaxtımda özgələrin qapısına buraxma! Qoygilən atam evində bir loğmaya iktifa edib oturum. Ana, mənə qəbri təklif elə, nəinki Qulam xanın evinə getməyi, ana, allah xatirinə mənim bu əsirlik və iztirabıma rəhm elə, bu xəyalından əl çək, indi mən cəmi qüssələrimi buraxıb qalmışam qürbətzədə qardaşlarımın dərdinə, ana səndə heç övlad məhəbbəti yoxdur? Böyükxanım — Qoygilən qardaşların murdar firəngin evində qalınca gedib allahın yaratdığı Tehranda qalsınlar, nə eybi vardır. Atan da öz-özünü həlak edir, ona mən nə qayırım? Sən də gedib məşğul olarsan, heç dinmə. Münəvvər xanım — Ana, allah məni sabaha qoymasın: mən övrətliyi, yaxud əsirliyi bacarmaram, özümü öldürəcəyəm. Axşamdan sübhə qədər Münəvvər xanım yatmadı, uşaqlığın məs’ud günlərini, təhsilin qiymətli saatlarını mücəssəm edib gələcəkdə, yə’ni mənhus olan istiqbalında gördüyü bəlalarə, müsibətlərə müqabil qoyaraq ağlayırdı, tainki gün çıxmışdı. Böyükxanım qonaq otaqlarını döşəyib ziynət verdirmişdi. Ortalıqda müzəyyən xonçalarda əlvan şirniyyat və sair Şərq adətincə ləvazimati-məşrubat, halviyyat döşənmişdi. İki gün əvvəl Münəvvərin zifafına də’vət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. Böyükxanım da ayaq üstündə gələnlərə yer göstərir, hər bir xanımı özünəməxsus və münasib bir yerdə oturdurdu, hər kəsə bir xoş dil deyib danışdırır, hər kəsin özünə layiq qəlbini alır... Digər birisinə: sən allah, niyə qızı ərə vermirsən? Ərə getməli vaxtından da keçibdir. Bizim Münəvvərdən üç ay da böyükdür — deyib məzah edirdi. Sonra bir özgə övrətə, allah oğluva, bacın uşaqlarına qismət eləsin! Mən də inşallah gəlib oynucağam, siz allah bir toy başlayın, görək başımıza nə gəlir. Vallah qüssədən bağrım çatladı, deyirdi. Yenə bir əlahiddə xanıma dönüb deyirdi: qızlar, sizin cümləniz təzə ərə getmisiniz, hamınızın da toyunda oynamışam, indi gərək hamınız oynuyasınız, hətta Münəvvəri də gətirib oynadacağam! Gərək özüm də oynuyam, boşuna deyil, bu qız toyudur, iki oğlanın başında bir qız tapmışam, gərək arzumu götürüm. Böyükxanım otaqda dolanır, gülür, danışır, birisini dəsmalı ilə vurur, birisinə qaş atır, birisinə də göz basıb gülür, keçir, əyninə faxir libaslar geyib Şərq və İran övrətlərinə məxsus ziynətləri bütün-bütünə riayət etmişdir. Başında nazik zərinə mə’cər, altından tükləri görünür, mə’cərin uclarını çənəsindən qaytarıb çiyninə salmışdır. Əynində atlas nimtənə, boynunda qızıl və mərcanlar hər tərəfdən asılmış, qulaqlarında mirvarid ilə düzülmüş guşvarələr, əynində sayir İrana məxsus libaslar geyib otaqda gəzirdi. Üzünü sazəndələrə tutub deyirdi: Bir yaxşı çalın, özüm oynuyum, mən bilərəm əvvəlcə kimi oynatmağa qaldıracağam... Sazəndələr şövqilən çalırdılar, Böyükxanım da düşüb ortalıqda oynayırdı, övrətləri bir-bir qaldırırdı. Ortalıqda olan övrətlərin oynamaqlarının xatirəsi üçün ətrafda əyləşən övrətlər də əllərini bir-birinə çalırdılar. Bir-birinə mərbut olan otaqlar elə gurultu tutmuşdu ki, qulaqları tutmamaq mümkün deyil idi. Ortalıqda olan şirnilərdən sərf olunub ayaq üstündə olan xanımların başına (dühəzari) iki qranlıq gümüş pullar şabaş edirdilər. Bu vaxt sazəndələr dairələri əllərinə götürüb «Tahir Mirzə» hekayəsini oxuyub çalırdılar. Amma Böyükxanım da səsini onların səsinə qatıb şövqilən oxuyurdu. Sonra Böyükxanımın yekanə rəfiqələrindən bir-bir, iki-iki, Münəvvərin başı üstə gəlib öz əqillərinə, qanacaqlarına görə nəvaziş edirdilər, üzündən öpürdülər, amma Münəvvər xanım ağlayırdı. Göz yaşı balışa tökülürdü. Heç kəsə cavab vermirdi, heç kəsi də danışdırmırdı. Ancaq danışdığı mazisi və istiqbalı idi, daima mazisini vida etdiyi kimi, istiqbal və halına nifrin edirdi. Kah da Olqanın vidaindəki yazılan məktubunu oxuyub göz yaşına şiddət verirdi. Lakin Münəvvər xanımın bu qədər müsibətinə giriftar olan qəlbi təhəmmülə malik olmadığı halda bir başqa müsibət də üz verirdi. O müsibət nə idi? Məşhur məşşatə Leylabəyim xanımın Münəvvərə ziynət vermək istəməsi idi. Bəylərbəyinin övrəti Şahnəvaz xanımın məşhur məşşatəsi Leylabəyim gəlib Münəvvərin başı üstündə deyir: Münəvvər, allah qoysa, bəzəkdən yaxşı çıxacaqdır. Sizə deyirəm bir saatdan sonra bu bir gəlin olsun ki, bütün Təbrizdə barmaq ilə göstərsinlər. Bəxtəvər Qulam xan! Gör bir neçə mələk-huri kimi qıza sahibləndi!? (Münəvvər xanıma) sən də çox təpik atma, Qulam xan özü səndən də gözəldir! Bütün Təbrizdə şöhrəti vardır. Tez ol, dur o biri otağa, bəzədim qurtarsın! Münəvvər xanım bu sözləri eşitdikdə rəxtxab içində bihuş olan atasına baxırdı, gözlərini yaş ilə doldururdu. Bu isə bir istimdaddan ibarət idisə də fayda vermirdi. Çünki Rzaqulu xan və o əzəbiyyat mücəssəməsi baxırdı, eşidirdi, amma cavab vermək iqtidarına malik deyil, ancaq qızının istimdadiyanə göz yaşı tökməsinə müqabilə edirdi. Münəvvər xanım atasından naumid olduqdan sonra dönüb Böyükxanıma, xələcanla Leylabəyimə cavab verdi; səndən xahiş edirəm ismət və hesiyyata xələl yetirən sözlər danışmayasan! Səndən kim sual edir ki, Qulam xan neçədir, yainki məni tə’rif etmiş sənə nə hasil olacaq? Bunlar cəhalətdən başqa bir şey deyil! İnsaf elə, sənin sinninə, qocalığına bu sözləri danışmaq yaraşarmı? Leylabəyim xanım — Dinməz, söyləməz dur keç o biri otağa, bəzədim qurtar! Vaxt keçir. İndi fayton gələcək, aparırıq, bir də təzə gəlin çox dil uzatmaz! Sənin bu sözlərinin şikvəsini, kileyini Şahnəvaz xanıma eliyəcəyəm. Münəvvər xanım — İnsaf eləyin məndən nə istəyirsiniz? Bir mülahizə eliyin! Özüm naxoş, təhsildən, arzudan naumid, yoldaşlarım gözüm görə-görə öz arzularının dalınca getdilər, nazpərvərdə iki qardaşım qürbətdə qalıb, atam rəxtxabda, vallah indi bu saat mən özümü təzə dünyaya gəlmiş bir səğir uşaq hesab edirəm ki, cəmi işləriniz mənə təəccüblü gəlir. Çünki mən gözümü açıb özümü bir firəng övrətinin təhti-tərbiyəsində görmüşəm. İndi buna cəhət sizin cəmi işləriniz mənim nəzərimdə əql və insaniyyətə müğayir bir şey kimi görünür. İndi mən sizin cəmi işlərinizə biganəyəm, bir də insanı bəzətmək, şəkildən şəklə salmaq nə mə’na verir? Allah xatirəsi üçün məni incitməyin, məndə taqət yoxdur, qəbrə getmək, əsir olaraq bir zalım kişinin əlinə tapşırılmaq üçün ziynət nə gərəkdir? Münəvvər xanımın bu suzişli əczi cəhalətə bir tə’sir bəxş edəmədiyi üçün övrətlərdən birisi külə-külə onu qucaqlayıb bəzətmək üçün xali bir otağa keçirdilər. Amma Münəvvər deyirdi: Xudavənda, məni öldür, qurtarım, bu müsibətlərə taqətim yoxdur. Münəvvər xanımı taxtın üstündə yatırdılar. Leylabəyim məşşatə başının üstündə əyləşib ona ziynət verirdi. Münəvvər xanım öz bəxtindən şikayət etməkdən başqa daha başqa iqadamatə mütəcasir deyil idi, öz bəxtinə xitabən deyirdi: ah mənim bəxtim, sən heç gülmədin! Sən məni bir vaxt uşaqlığın zamani-səfalətində, kəhvarələrdə, kah nənnilərdə əsla qanmaqsızın saxladın sonra mənə muavinət edəcək, yar olacaq kimi göründün! Mən şadlandım, məsrur oldum, indi mən anladım ki, o müvəqqəti və müstəar məsruriyyət öz-özümü məsxərə edəcək kimi bir işdi. Zira ey naməs’ud bəxtim, sən məni o müvəqqəti məs’udiyyətimdə də istiqbal xəyalına mübtəla edib aləmi düşünməyə, danışmağa, gülməyə də qoymurdun... Mən istiqbal xəyalı ilə çırpınıb dəhrin girdablarında qütəvər olurdum. İndi anladım ki, sən o vaxt kənardan durub mənə gülürdün. Məsxərə edirmişsən. İndi mən qərq olacaq hala qaldım, mazini, istiqbalı da unudub, halımı da itirib sənin təftişində əl-ayaq atıram, çırpınıram. Ey bəxt, hərçənd əməl və arzu sahibi olan qızlara ölüm çox acı və zəhərlidir, lakin cəhl ilə həmmeydan olub nəhayət cəhalətə məğlub olmaq, cühhalə təslim olmaq pək acı, pək zəhərnakdır. Balaca Münəvvər sızıldayırdı, Leylabəyim də ziynət verməyə başlayırdısa, bu fikri bir fikiri-məcnunə idi, zira sənətin təbiətə qarşı daima bir iş və təbəddulat əmələ gətirə bilməməsi göz önündə olduğu üçün Leylabəyimin Münəvvərin çöhrəsində mövcud olan təbii və xudadad bir ziynətə sün’i olaraq bir ziynət əlavə etməsi cinayətdən başqa bir şey olmazdı. Üzünə ziynət verirdilər, lakin gözlərindən axan sirişki-təhəyyür, əşki-təhəssür ziynətləri yuyaraq təbiətin sənayeyə qarşı mətanət və izhari-qüvvət etməsini aşkar bildirirdi. Bəxtsiz balaca Münəvvər təzəcə sürmə çəkilən şəhla gözlərinə xitabən deyirdi: ey doyunca bir işıqlı aləm görməyən gözüm, ey qaranlıq və zülmətdən kənar olmayan göz mərdüməki! İndi sənin ətrafında bir qara xətt də çəkildi, ağlamaq bacararsan isə ağla, o qaranlıq hasarı seylabi-əşk icrasına müqtədir isən seylabə ver!!! Dağıt! Münəvvər xanım gözlərini ətrafa dolandırdığda göz yaşı tökub sürməni, sayir ziynətləri yuyub tökürdü. Ondan sonra Münəvvər daranıb toplanmış zülflərinə, saçlarına xitabən yalvarırdı: ey nəzafət və təmizliyinə çalışdığım tüklər, indi mən əsir oluram, siz də mənim zəncirim kəsildiniz!!! Məğlubiyyətin, əsirliyin müqəddəməsini siz mənə acı bir lisan ilə ixtar etdiniz! Münəvvər xanım bütün ə’zasını dəryad edib nöqtəbənöqtə müxatəb edib ağlayırdı. Gün batmışdı. çıraqlar da yanmışdı, amma neçə müddət idi ki, heç bir çörək və bişmiş təam sərf etməmiş idi, buna cəhət yavaş-yavaş qəşş halətinə gəlib başı yerə düşdü, nə ağlamaq, nə də gülmək bacarmırdı. Bu vaxt bəylərbəyinin faytonu qapıda dayandı. Bəylərdəyinin övrəti Şahnavaz xanım, dalınca nökərlər, qaravaşlar gəlin aparmağa gəlmişdilər. Şahnavaz xanım Münəvvərin başı üstünə gəlib üzündən öpüb deyirdi: dur ayağa, rahrast min faytona gedək! Özünü yalandan ölüm adilə adlandırma, naxoş olma! Ondan sonra da Böyükxanım gəlib məzəmmət edib deyirdi: Qız, allah xatirinə məni rüsvay eləmə! Dur dinməz-söyləməz düş qabaqlarına get! Münəvvərin qorxu və iztirabından ürəyi döyünürdü, ağzı, boğazı quruyurdu, tez-tez dilini çıxarıb nazik dodaqlarını isladırdı, deyirdi: Siz allah, məni bircə atamın yanına aparın. Ona bir deməli sözüm qalıbdır. Münəvvəri yenə övrətlərdən biri qucaqlayıb atasının yanına apardı... Münəvvər kamali-şiddətlə ağlayıb atasının rəxtxabinə döşəndi. Münəvvər xanım atasını rəxtxab içində qucaqlayıb ağlaya-ağlaya danışdırırdı: Baba, allah xatirinə məni bunların əlindən qurtar. Baba, bu nə bəladır mən uşaq vaxtımda düşdüm? Mənim anamın allahı yox, peyğəmbəri yox? Xudavənda belə şəriət, belə də məzhəb olar? Belə müsəlmanlıq olar? Mən nə vaxt ərə getməyə, əsir olmağa ixtiyar verdim? Hansı insafsız bu əsirliyi rəva gördü? Ondan sonra atasına yalvarıb deyirdi: Baba, əlacın varsa elə! Məni bunların əlindən qurtar. Baba, məni qoyma aparsınlar, mənim dərsdən, yoldaşdan, qardaşdan naumid olmağım bəs deyil? Baba, vallah mən bu əsirliyə tab edə bilmərəm! Zavallı Rzaqulu xandan səs eşidilmirdi, çünki evdə övrətlərdən çıxan hay-huy və səslər səbəbinə qəşş eləmişdi. Münəvvər xanım babasından səs eşitmədiyi üçün anasını çağırıb deyirdi: Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin, deməli sözlərimi deyib gedim. Mən bilmirəm ki, sənə nə təqsir etdim ki, mənim həyatıma qəsd elədin! Ana, gəl mənim bu bir sözümü yerə salma! Atamın evində bircə saat qalmağa mənə imkan ver. Böyükxanım — Qız, ağlın başında olsun, huşun olsun! Bəylərbəyinin övrətini burada məəttəl qoyma, övrət-uşaq hamısı ayaq üstə məəttəldir. Tez qalx düş yola, xalqı bizə güldürmə! İnsaf elə, mən səni bir ağıllı qız bilirdim. (Münəvvər xanım üzü övrətlərə) Siz yəqin eləyin ki, bu cəhalət müsəlman övrətlərini dağıdacaqdır. Mənim ərə getməyə, kişi görməyə hər kəs olursa-olsun, rəğbətim yoxdur. Məni əsir aparan məndən asudəlik gözləməsin. Mənim asudəliyim qurtardı, çünki qəlbimin istədiyi şey ancaq elm təhsil etmək idi, mənim əməlim yarımçıq qaldığı üçün dünyada qalmağı istəmirəm. Bu dərdlər məni öldürəcəkdir. Yainki intihar edəcəyəm. Münəvvər xanım da qəşş eləyib atasının üstünə düşdü. Bəylərbəyinin övrəti Şahnavaz xanım alnını ovub huşa gətirmək istəyirdi. Rzaqulu xanın evini bir gül-ğülə tutmuşdu. Övrətlərin hər birisi bir söz deyirdi. Amma Böyükxanım da qaravaşlara xitabən: Götürün qoyun faytona, eşikdə başına sərin hava vurandan sonra ayılar. Balaca və bəxtsiz Münəvvəri atasından qəşş aləmində ayırıb faytona qoydular, fayton qapıdan uzaqlaşıb zavallı Münəvvəri apardı. Əcəba hara aparmaq istəyirdi? Münəvvərin bütün əməl və arzusuna xatimə çəkən Qulam xanın əsiredici zindanına! Münəvvər getdi, Rzaqulu xan da bir neçə saatdan sonra gözlərini açıb nə Münəvvəri, nə də evdəki övrətlərdən bir nümunə gördü. Ancaq Qulamhüseyn nökər bir küşədə əyləşib yanındakı qulluqçulara deyirdi: Gördüz Böyükxanım necə daş ürəkdir? Yazıq atasını görmək üçün bir saat möhlət istədi ona da razı olmadı, biçarəni qəşş aləmində faytona qoydular. Doğrudan, Münəvvərin bu işi gəlin getmək deyil, ata evindən məcburən qovulmaq kimi bir şeydir. Bilmirəm bu övrətin həyatı nədir. (Sonra öz-özünə) yə’ni onun xəyalını kim bilmir ki, hamı bilir də! Rzaqulu xan ucadan ağlayıb, ah yazıq, tərbiyəli Münəvvərim! Heyif mənim müqəddəs arzularım! İlahi, cəhalət nə yaman şeydir deyə təzədən qəşş elədi. * * * Üç ildən sonra Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı. Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin. Böyükxanım — Kişi, allaha bax! Peyğəmbərə bax! Mənə təzə dərd artırma! Mən bilirəm Münəvvərə nə zülm elədin, öz sağlığında hissəsini özünə vermədin ki, kişisinin yanında dili uzun olsun. İndi — bir saat öləcəksən, onda mən Qulam xana nə cavab verəcəyəm? Böyükxanım bu sözləri dedikdən sonra ağlayırdı. Rzaqulu xan da üzünü Böyükxanıma tutub deyirdi: ağla, ağla! O qədər ağla canın da çıxsın. Sənin cəhalətin cəhətinə gözümün işıqları oğlanlarım qürbətdə qaldı. Dudmanım gora çıxır, (öz-özünə) ah oğlanlarım, indi siz nə işdəsiniz? Balalarım, mənim dövlətimi biganələr dağıdır, amma sizə layiqli xərc də göndərə bilmirəm. Oğlanlarım, ömrümə bir gün qalıbdır. Sizi bir görmək mənə müyəssər olmadı, ananız sizi də, atanızı da bədbəxt elədi. Bacınızı da bir mütrüb bəyin gözəlliyinə qurban kəsdi. Böyükxanım — Ay evin başına uçsun kişi, ömrünün axır çağında mənim başımı ağrıtma! Bizim yerdə göydə bircə qızımız vardır, sən bilirsən ki, qız uşağının qəlbi sınıq olar. Qoy oğlanlar bir-iki il də qürbətdə artıq qalsınlar, nə olacaqdır? Qulam xan da hənuz cavandır, əqli başına gələndən sonra gedib özü uşaqları Tehrandan gətirər. Sən bilirsən ki, Münəvvər də onun evinə gedəndən bu günə qədər ona övrətlik eləməyibdir. Elə naxoşdur ki, naxoş. Rzaqulu xan şiddətlə ağlayırdı, çünki üç il müddəti nə Münəvvər atasını görmüşdü, nə də Rzaqulu xan Münəvvərin evinə gedə bilmişdi, hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyil idilər. Rzaqulu xan ağlaya-ağlaya övrətinə deyirdi: Qulam xanın huşu başına gələnə qədər mənim sümüklərim də qəbirdə torpaq olacaq, yüz Münəvvər olsa qüssəmərək olacaq. Biçarə bədbəxt qızım, mən düçar olduğum mərəzlə dünyadan gedəcəkdir. Yazıq qızım! Sahibsiz, atasız, anasız qızım! Qızım, kaş bədbəxt atan əvvəldən ölüb qurtarmış olaydı, sənin üç il müddəti naxoşluq xəbərini eşitmiyəydi, mən deyirdim sənə Qulam xan manedir ki, mənim iyadətimə gəlmirsən, indi bildim ki, amansız mərəz səni ayaqdan salıbdır. Bir az ağladığdan sonra allaha şükür edib deyirdi: xudavənda, sənə çox şükür edirəm ki, mən bu İranda binasız da olsa bir məşrutə e’lanını gördüm. Çox təəssüflər olsun, zamani-istibdad mənim bədənimi qurtardı, bu azadiyyət, hürriyyət zamanında öz millətimə və vətənimə sərbstanə xidmət edə bilmədim. Xudavənda, mən bu vətəndən pərvəriş tapdım, bu vətənə xidmət edəmədiyim üçün mənə bazxast eləmə! Çünki övladi-vətənin cəhaləti məni çoxdan ayaqdan salmışdır. Bu vətənimdə necə ki, sən agahsan, çox çalışdım, çarəpəzir olan dərd tapa bilmədim. Yaxud mən çarə edəcək iste’dadına malik deyil idim. Xudavənda, övlad dedikdə məni övladpərəst hesab edib vətənin övladını fəramuş edənlərdən hesab etməsinlər; bu xasiyyət, sinfi-bəşərdə olduğu üçün məndə də müvəqqəti zühurə gəlir. İlahi, indi bir dəqiqə keçmədi ki, övladımı, malımı, canımı unutdum, onların kaffəsi vətənin bir dəqiqə səadətlə, ədalətlə idarə olunmasına qurban olsun. Mən övladımı istəyirdim ki, tərbiyəli olub vətən övladının əlindən yapışsınlar, atalıq məhəbbəti üçün mən övlad üzünə baxmadım, onları mən tərbiyə etdikdə, övladım deyə, tərbiyə etdirmədim, bəlkə vətən qulluqçuları, deyə tərbiyə etdirdim. Lakin analarının cəhaləti məni naumid etdi, xudavənda, məni bağışla! Vətənin üzünə bir işıqlı qapı aç! Rzaqulu xan ağlayırdı, allaha yalvarırdı. Böyükxanım da başını tərpədib, gül başuva, yenə hələ hədərən-pədərənindən əl çəkməyibdir. Bu vaxt xaricdən Qulam xanın səsi gəlir. Böyükxanım da üzünü Rzaqulu xana tutub deyirdi: kişi, kəs səsivi, Qulam xan gəlir. Sonra eşiyə tərəf üzünü çevirib deyirdi: buyur Qulam xan, buyur, buyur. Qulam xan salam verməksizin evə daxil olub, əlində çubdəst, gözlərində qızıl bəndli çeşmək, əlində əlcək o tərəf bu tərəfə dolanıb, başına hərəkət verirdi. Çox gözlədikdən sonra, üzünü Böyükxanıma tutaraq deyirdi: – Hə, əmicanı, cənab xan müşürül-ətibba verən dəvaları içdi? (öz-özünə) içsə də, içməsə də, iş işdən keçibdir. Müsyö Lui tülküdən də çox bilir. Dünən deyirdi ki, qardaşım dünyada iki gündən artıq qala bilməyəcəkdir. Amma Böyükxanım Qulam xanın kefini pərt görüb danışdırmağa cür’ət etmirdi, ancaq Qulam xanın qabağında ayaq üstə durub əlində papiros çəkirdi. Axırda Qulam xan yenə üzünü xişmlən Böyükxanıma tutub deyirdi: Mən siz ilən nə çarə qılım? Başıma nə daş salım? Rəhmətliyin uşağı, bir insaf eləyin, mürüvvət eləyin! Mən təngə gəldim axır! Böyükxanım özünü itirib əlindəki papirosu atıb deyirdi: nə var Qulam xan? Nə var axır?! De görüm yenə nə eşitmisən? Qulam xan ağacının ucuyla Böyükxanıma işarə edirdi: – Mən çox eşitmişəm, mən zəhrimar eşitmişəm, xeyli xub, keçən gün rasta bazarda Hacı Qasım çayfuruşdan, Dəllaləzən ağzında Məşədi İbrahim ağa Simsardan dükanların icarəsini alıb hara xərc eləmisiniz? Eynəyi çıxarıb cibinə qoyub deyirdi: çox əcəb, Hacı Seyid Hüseyn Dübəndidəki çörəkçixanələrin nə üçün kirayələrini almısınız? Təqsirin hamısı məndədir. Qulam xan səsini yoğun çıxardıqca Rzaqulu xan yerinin içində sızıldayırdı. Üzü yarısına qədər üstündəki yorğanı ilə örtülmüş deyirdi: Allah, ölürəm, məni bağışla! Böyükxanım, məni bir az qaldır, başımın altını çək, başım çatlayır, nəfəsim darıxır. İndicə öləcəyəm. Heyif! Səd heyif! Arzularım gözümdə qaldı, bu bədbəxt millətin səadətini görə bilmədim. Qulam xan — Əlbəttə öləcəksən, əlbəttə başın çatlayacaqdır, sənin öz əqlindəndir ki, başıva bu bəlalar gəldi. (Böyükxanıma) de görüm bu qədər pulu hara xərc elədiz? Xub, hələ eşidirəm ki, istəyirsiniz teleqraf edib uşaqları Tehrandan gətirəsiniz, yenə xəyalınız odur ki, var-yoxu xərc qoyub Firəngistana göndərəsiniz? Nə vardır ki, xanlar gərək firəngcə, inkilisçə, almanca dil öyrənsinlər. Böyükxanım əlini qoyub Qulam xanın çiyninə yalvarırdı, əcz eləyib deyirdi: ay Qulam xan, bir insaf elə, mürüvvət elə, heç bilirsən sənin üstündə mənim başıma nələr gəlib? Oğlanlarım qürbətə qaçdı, dedim, Qulam xan sağ olsun. Sahibim qüssədən dıq naxoşluğuna düşdü, dedim yenə Qulam xan sağ olsun. Barı sən də gəl bir insaf elə! Qulam xan bu sözlərdən öz tərzi-məqalatinə daha da təğyir verib deyirdi: əlbəttə, indi Qulam xana dil uzadarsan. O vaxt ki, Qulu Soltanın yaxşı varı-dövləti var idi, özüm də on doqquz yaşında, bəylərbəyinin yanında əvvəlinci müqərrəblərdən idim, onda sənin qorxundan dəvəçi qəbiristanına həmdi-surə oxumağa da gələ bilmirdim. Hər yerdə görmüşdün, başlayırdın olmaz ki, olmaz, gərək Münəvvəri verəm sənə. Məni o qədər dəng elədin ki, axırda ləbüddən özümü bu bəlaya giriftar elədim. Böyükxanım — (gözləri yaşla dolmuş), Qulam xan, insan naşükür olmaz, sən hardan Münəvvər kimi gözəl, köçək tərlan kimi qız tapacaqsan? Bismillah, o sənin bəylərbəyin Nəzərəli xanın övrəti, o da sənin övrətin Münəvvər, bax gör hansı çox gözəldir? O ki, qaldı var-dövlətdə özün bilirsən ki, misli-manəndi yoxdur. Böyükxanımın sözü qurtarmamış gözlərindən yaş tökülürdü. Qulam xan Böyükxanımın ağlamağını görüb bir az xişmini azaltmışdı. Böyükxanımın qəlbini almaq üçün əlini çiyninə qoyub deyirdi: Mən səndən rəncidə deyiləm, sən də məndən rəncidə olma! Mən demirəm ki, Münəvvər gözəl deyil, onun gözəlliyində bütün Təbrizdə qız doğulmayıbdır. O ədəbdə, o təmkində qız yoxdur. Hərçənd mənim üzümə məhəbbətlə bir gülməyibdir, amma yenə mən rəncidə deyiləm! Çünki onun bir sözü həmişə mənim yadıma düşəndə onu incitmək istəmirəm. Bizim evə gəldiyinin ikinci günü ağlayırdı, mən səbəbini soruşdum, hətta dedim ki, olmaya məni istəmirsən ki, ağlayırsan? Münəvvər bu sözü eşitdikdə mənə çox müəssir bir cavab verdi. Böyükxanım — Qulam xan, sən allah nə dedi? Qulam xan — Münəvvər çox söz dedi, amma mənim yadımda qalmır, ancaq qabaqca dediyi bu sözlər yadımda qalır: Mən səndən qabiliyyətli, səndən gözəl adam tapa bilməyəcək idim, çox gözəlsən, xəluqsan, lakin mən istədiyim bunların heç birisi deyil. Mənim sinnim nə gözəllik, nə də məhəbbətə müvafiq bir iste’dada malik deyildir. İndi mənim təb’im təhsili, tərbiyəni dost tutur, məni bağışla! Mən uşaqlıqdan elm təhsil, tərbiyə kəsb edirəm, ancaq təzə düşünürdüm ki, insanlıq nədir, bu isə yarımçıq qaldı. Buna cəhət mən kişi muaşirat və müsahibətinə bir növ’i biganə sayılıram. Məni bağışla. Qulam xan bu sözləri dedikcə Böyükxanım kah gülürdü, kah da ağlayırdı. Sonra yenə Qulam xan sözünə davam edirdi: Amma Böyükxanım, qızın qayət bədbəxtdir. O gün xarab olaydı ki, mən siz ilən qohum oldum. Sizin bədbəxtliyiniz məni də bədbəxt elədi. Atam öldü, özüm də bəylərbəyinin yanından çıxım, qəza gətirdi, vurdum vəliəhdin durüşkəçisi (faytonçusu) naib Vəlini öldürdüm, var-yoxumu qan bahasına verdim, daha bundan artıq nə olsun? Böyükxanım — Əvvəla budur, atan öldü, allah işidir. İkinci, bəylərbəyinin yanından çıxdın, yenə Münəvvərə nə dəxli vardır? Sənə kim deyirdi ki, get gecə yarıya kimi, Şahnavaz xanımın otağında qal, bəylərbəyinin yanında Şahnavaz xanımla gül, zarafat elə? Bilmirsən ki, bəylərbəyinin acığına gələcək idi? Bir də budur ki, qocalana kimi pişxidmət ola bilməzdin ki, yenə axır çıxacaq idin! O ki, qaldı dövlətin qan cəriməsinə getdi, ona da Münəvvər nə eləsin, qəzadır, alnında nə yazılıb o olacaqdır. Öz dövlətin getdi, sağ olsun Rzaqulu xanın dövləti. İnşallah, uşaqlar da Tehrandan gələr, mal-dövləti qismət eliyib rahat dolanarsınız. Qulam xan, uşaqlar gələr, adını eşitdikdə xişmlənib ucadan deyirdi: Uşaqlar gələr! Uşaqlar gələr! (öz-özünə) Uşaqlar gələr malı qismət elərsiz: uşaqlar getsinlər Tehranda ən’ümən olmağa, məşrutə istəməyə, mən gecə-gündüz zəhmət çəkim, o kəndə, bu kəndə qaçıb yayın istisində 30 kəndin mədaxilini cəm eliyim, sonra uşaqlar gəlsin hissə götürsün? (Böyükxanıma) Bax, mən Qulam xanam! Qulu Soltanın oğluyam, dünyada hər iş görmüşəm! Hər fırıldaq çevirmişəm, mən dünyada mərdanə doğulub ömr eləmişəm, bax sizə deyirəm, mənə nə otuz kəndiniz lazımdır! Nə də həştad beş dükanınız gərəkdir, nə də 10 karvansara işimə gələr! Nə də Hökmvardakı səbzkarlıqlarda təməim vardır. İstəyirsən daha da xatircəm olasan, nə də Münəvvər lazımdır. Gedib bu saatda yola salaram gəlsin. Qulam xan bu sözlərdən sonra qapıları çalıb getdi, amma Böyükxanım kamal hüzn ilə dizlərinə çalıb ağlayıb deyirdi: Yaxşı evim yıxıldı, yaxşı başıma daş düşdü, anası ölsün Münəvvərin bilirəm ki, gedib indi başına nə iş gətirəcəkdir. Özünü döyüb deyirdi: öl qurtar, Böyükxanım, daha dünyada niyə qalmısan? Rzaqulu xan ucadan ağlamaq səsinə gözlərini açıb həzin-həzin Böyükxanıma deyirdi: Mən ölürəm, adam göndər Nəsrüddövlənin evinə, teleqraf eləsin, uşaqlar gəlsinlər! (öz-özünə) heyf vətənimin xoşbəxtliyini görə bilmədim. Böyükxanım — (xışmnak) Bax, sənə deyirəm, bu tövr sözləri bir danışdın, bir də danışsan çıxıb damda elə haray təpərəm ki, aləm yığılıb başıva tökülər. Barakallah kişi! Barakallah kişi! İstəyirsən Münəvvərin çörəyi qan ilən yoğrulsun? Heç səndə murüvvət yox, insaf yox? Rzaqulu xan ah çəkib yavaş-yavaş deyirdi: insafın olsun, adam göndər teleqraf eləsinlər! Çox danışma, mən ölürəm! Böyükxanım — Bax, özün bil, teleqraf edərəm gəlsinlər! Amma Qulam xan da bir inadın birisidir, ya uşaqları tələf elər, yainki qıza talaq verər. Qərəz, özün bilərsən. Böyükxanım nökərləri Qulamhüseyni Nəsrüddövlənin evinə göndərəndən sonra (öz-özünə): görəsən dünyada mənim kimi bədbəxt adam vardır? Aləm həsrət çəkir ki, mənim Qulam xan kimi damadım olsun, qapımdan girsin, amma biz özümüz bais oluruq onun bizdən uzaqlaşmağına. Qərəz ki, allahın məsləhətinə şükür, olsun! Allah mənim bir günümü Qulam xansız eləməsin! Yaxşı qapım bağlandı. Anası ölsün Münəvvərin, üç ilin gəlinidir dünyada bir üzü gülmədi. Dil bilməz sahibin, namehriban atanın əlindən qızın sümükləri də əriyib qurtarmış, bədəni çöpə dönmüş. Keçən həftə doktorun övrəti Liza qızı görüb ağladı. Deyirdi: Münəvvər, mən xəyal edirdim ki, indi sən böyük qız olmusan, amma daha da kiçikləşmisən, əbədən bizdə dərs oxuyan Münəvvərə oxşamırsan. Bu vaxt axşam idi, evi qaranlıq basmışdı, Rzaqulu xan da adam göndərib vəsiyyət eləmək üçün müsyö Luini yanına çağırmışdı. Lakin Rzaqulu xanın halətı büsbütün dəyişmişdi, gözləri qaralıb sinəsi darıxırdı. Nəfəsini sür’ətlə aldığından sinəsinin ağırlaşması mə’lum olurdu. Amma öz-özünə yavaş-yavaş deyirdi: xudavənda, sən məni öz qardaşlarıma ə’za yaratmışdın ki, dünyada onlara muavinət edəm, amma çox çalışdım bir xidmət edə bilmədim. Vətənin, millətin pişrəfti üçün hansı iqdamata müraciət etdim, hökumət kişilərinin xəyanəti cəhətinə naumid oldum. Arzum, əməlim qaralandı. Özüm də müttəhim oldum. Xudavənda, öz əzəməti-cəlalın hörmətinə o xainləri bizim vətənimizdən uzaqlaşdır. Onların vücudilə vətən səadət tapmaz, millət gülməz. Məni bağışla xudavənda! Öz övladıma vəzifəm olan tərbiyə və tə’limi verə bilmədim, onları qanuni-bəşəriyyəti ifa etmək üçün mədəni və insaniyyətpərəst insan edə bilmədim. Onlar da öz elmsiz, tərbiyəsiz olduqlarından vətənə layiqli xidmət edə bilməyəcəklər. Bu isə vətənimizdə olan cəhalətdən naşidir. Rzaqulu xan danışdığı yerdə qəşş elədi, bu vaxt doktor Lui və övrəti Liza gəlib Rzaqulu xanın başının üstündə əyləşmişdilər. Doktor Lui Rzaqulu xanın qarşısında əyləşib qabağında miz üstündə çay qoyulmuşdu. Lakin nə doktor, nə də övrəti Liza xanım çay içmək istəmirdilər. Liza xanım Təbrizdə öyrəndiyi azərbaycan lisanilə Böyükxanım ilə söhbət edirdi, Rzaqulu xanın mərəzinə dair danışırdı. Doktor hərdənbir stateskopu mərizin sinəsinə qoyub mülahizə edirdi. Kah da əlini alırdı əlinə üzünü çevirib övrətinə deyirdi: heyif oldu Rzaqulu xan, çox kamil insan idi, çox sədaqətli adam idi. Biçarə vətənini nəhayət dost tuturdu. Əfsus ki, sabah saat on ikiyə qədər dünyada qalmağa bədənində heç bir qüvvət qalmamış. İndi az-çox hərəkət olsa da sinəsindən yuxarı hissəsindədir. Sair əzayi-səfilə ruhi vida etmişdir. Rzaqulu xan gözünü açıb başının üstündə doktoru və onun övrəti Liza xanımı gördükdə ağlaya-ağlaya deyirdi: Qardaş, məni halal eləyin. İranda sizə lazımı mehmannəvazlıq edə bilmədim. İndi axırıncı gündür ki, dünyada qalacağam, bu, özümə yəqindir. Nə üçün iki gündür məni tək qoyub yanıma gəlmirsən? Mən sizi İrana gətirməkdən qəsdim özüm üçün bir yoldaşlıq idi. Lakin yenə təəssüf edirəm ki, öz məhriban yoldaşımı Paris kimi vətənindən kənara salıb İran kimi hənuz mədəniyyətə uzaq bir məhəldə tək-tənha qoyub dünyadan gedirəm. Gərək sən də məni bağışlayasan! Bu sözlərdə doktor və övrəti Liza xanım nəhayət şiddətlə ağlayırdılar. Doktor, Rzaqulu xana təsəlli üçün, qardaş, qorxma, səni yaxşı edəcəyəm, mərəzin o qədər qorxulu deyil, deyə təskin edirdi. Rzaqulu xan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira, doktorun sözlərinin təsəllidən ötrü olduğunu anlamışdı. Rzaqulu xan yenə ölüm halında vətəni xəyalından çıxarmayıb soruşurdu: qardaş, Tehrandan səhih bir xəbərin varmıdır? Doktor — Bəli, vardır, xanlar salamatdırlar, ola ki, bu gündə, sabahda gəlsinlər. Siz verdiyiniz çeki banka verib çoxdan beş yüz tümən alıb göndərmişəm. Rzaqulu xan nəfəsini sür’ətlə alıb deyirdi: Qardaş, mən Tehrandan xəbər istəyirəm, xanlardan istəmirəm. Mən oğlanlarımdan naumidəm, çünki elmsiz insana ümid bağlamaq olmaz. Zira onlar vətənə bir xidmət edə bilməzlər. Mən vətəni istəyirəm. Doktor — Bəli! Bəli! Məhəmmədəli şah təzədən qur’ana qəsəm edib məşrutəni hifz eləsin. Rzaqulu xan bu sözü eşitdikdə durub oturmaq istədi isə də bədənində qüvvət olmadığından yenə arxası üstə uzanıb deyirdi: – Mən İranda üsul-idarəni təbdilini gördüm, Məhəmmədəli şahın axiri-karını görməyi arzu edirdim, lakin heyf olsun, onu görə bilmədim. Qardaş, sən yəqin elə, başında Məhəmmədəli şah kimi bir zat rəyasət edən ölkəyə idareyi-məşrutə-qanun əsası əbədən yaraşmır. İranda ya məşrutə olmaz, olsa da Məhəmmədəli şah xəl olunub rə’si-hökumətə başqası keçər. Zira, Məhəmmədəli şahda ədalət, müsavatla məmləkəti idarə etməyə iste’dad yoxdur. Bundan sonra yer üzündə məşrutəsiz, qanunsuz məmləkət olmaz, buna cəhət Məhəmmədəli kimi layiqi-müsavat və ədalət olmayan bir şəxsin xəl’i və tərdi də təbiidir. Məhəmmədəli şah İrandan çıxdığda mənim qəbirim üstünə gəlib məni baxəbər edərsən. Rzaqulu xanın bu sözündən doktor ağlayaraq deyirdi: Parisdən sizi teleqramla baxəbər etmək mümkün isə edərəm. Allah eləməsin sənin başına bir iş gəlsin, mən daha bir də İranda qala bilmərəm. Rzaqulu xan, Liza, Böyükxanım da ağlayırdı. Rzaqulu xan — Siz məndən ötrü ağlayırsınız, mən isə vətəndən ötrü. Çünki mən qorxuram bu məmləkətə əcnəbi əli uzansın. Bir də səndən xahiş edirəm mənim oğlanlarım Tehrandan gələnə qədər İrandan Parisə getməyəsiniz, mənim mal-dövlətimdən uşaqlar gələnə qədər mütəvəcceh ol! Hərkah mənim övladım biçiz olub bu Təbrizdə bekar dolansalar, mənim ruhuma əziyyətdir. Çünki mənim düşmənlərim, bəlkə elm və tərəqqinin həqiqi düşmənləri, mənim ruhumun dalınca danışıb, görürsünüz İranda üsuli-cədid istəyən kişinin övladı necə sail oldu, deyə, tə’nə edəcəkdilər. Bir də təvəqqəm budur ki, mənim qəbrimin üstündə bir nişangah tikdir ki, məndən sonra övladım haman nişanə ilə dünyadan həsrətlə gedən atalarının qəbrini tapa bilsinlər. Bu vaxt yenə Rzaqulu xanın huşu dağılıb qəşş eləmişdi. Saat da ikini çaldığından doktor və övrəti Liza Böyükxanım ilə xudahafiz deyib getdilər. Amma Rzaqulu xanın kənizləri, nökərləri, hətta Böyükxanım da yanından ayrılmırdılar. Çünki ev əhlinin kaffəsi Rzaqulu xanın bir gecəlik evdə qonaq olduğunu düşünmüşdülər. Ancaq gecə sübhə kimi Rzaqulu xan çırpınıb kah dua oxuyurdu, kah vətənin müsibətlərindən, kah qızından, kah oğlanlarından deyib danışırdı. Böyükxanım da bir tərəfdə dizlərini qucaqlayıb fikir edirdi, əcəba nələr düşünürdü? Zira gündüz Qulam xan ilə dalaşdığından bütün fikri, hissi, Qulam xanın və Münəvvərin yanında idi. Hərdənbir qapını açıb eşiyə çıxıb ulduzlara baxırdı, gecənin nə vaxtı olduğunu düşünüb yenə qayıdırdı. Fikir edirdi, öz qəlbində danışırdı: sabah kişi öləcəkdir, doktor gəlib mal-dövlətə sahib duracaq, bəs Qulam xan nə tövr olacaqdır? Qulam xan, mən və Münəvvərlə nə tövr rəftar edəcəkdir? Bu vaxt gün düşmüşdü, otaq işıqlanmışdı. Qapılar bir-birinə dəyib Münəvvər xanım ağlaya-ağlaya içəri girdi. Bütün gecə Rzaqulu xanın ailəsinə istibdadın dövri-mənhusəsi kimi uzanıb, çoxdan sonra ağuşqaların qarşısından minarə şəklində görünən Ərk sütunlarının və bürclərinin dalısından bir ziya parıldayırdı. Lakin kah İran məşrutəsi kimi mücahidinin hümməti sayəsində işıqlanırdı, kah irticanın qüvvətlənməsi üzərinə qaralıb qalırdı. Böyükxanım da başını qəm dizindən qaldırıb qapıya baxırdı. Guya qapıdan girəcək bir adam var idi ki, onun intizarını çəkirdi. Əcəba kimi gözləyirdi? Rzaqulu xan sübhün mərizə bəxş etdiyi müvəqqəti bir şəfa sayəsində gözlərini açıb ağuşqadan otağın dərü divarına sancılan günəşin əlvan və rəngli zərratına tamaşa edirdi. Öz-özünə deyirdi: ey günəş, sən çıxırsan, amma mən qrub edirəm. İndi mənim həyatımın günəşi təzə gün doğulduğu sırada qrub edir. Fəqət baqisən, mən hər vaxt sənin bu müsibətli məmləkətə səadətlə tabidə olmaquvu istəyirəm! Rzaqulu xan kah da qapıya baxırdı, deyəsən bir nəfəri gözləyir kimi mütəfəkkiranə baxırdı. Əcəba Rzaqulu xan kimləri gözləyirdi, oğlanlarınımı? Yoxsa bədbəxt Münəvvərimi? Yox! Yox! Zavallı Rzaqulu xan əzraili, mələkülməvtu gözləyirdi ki, bu qədər sənəlik gördüyü əsarətlərə vida edərək hürriyyəti-əbədiyyətə çəkilsin... Nagahan qapı açıldı, Münəvvərin qaməti gül şaxəsi kimi əyilmiş halda ağlaya-ağlaya içəri girdi, bədəni sabahın nəsimi toxunan şaxsar kimi hərəkətdə idi. Günəş üzü dəyişilib, fəqət zamani-qurubundakı zəif bir şüa qalmış. Yanaqları solmuş, bədən bütün-bütünə təbdil olunmuş, gözləri çuxurlaşmış, hər baxdıqca naumidlik, həsrət, müsibət gözlərindən nümayan idi. – Balaca Münəvvər içəri daxil olub üç il müddəti üzünü bir dəfə də olsa, görməyən atasının üstünə düşüb ağlayırdı, üzündən öpürdü. Rzaqulu xanın isə bədəni öz təbii iste’dadını qayib etdiyi üçün başının kasasında göz yaşı da qalmamışdı, fəqət bir-iki qətrə ilə gözlərindən seylabi-təhəssir axıdan Münəvvərinə müqabilə edirdi. Ata və qız ağlayırdılar. Lakin Böyükxanımı heyrət götürmüşdü. Zira Münəvvərin nə cəhətə ata evinə gəlməsindən şübhəli idi. Olmasın Qulam xan bizə açıq elədi, Münəvvəri döyüb eşiyə saldı? Buna binaən təkrar: Münəvvər qızım, nə var, nə əcəb gəldin? deyə isticvab edirdi. Münəvvər xanım isə ağlaya-ağlaya deyirdi: Ana, allah sənə insaf versin, öz həzzindən ötrü məni bəlaya giriftar elədin ki, axırı həlakətdir. Mənim təqsirim nə idi? Mən hansı xidmətimdə qüsurlu çıxdım? Bəs məni nə üçün əsirlər kimi satdın?! Məni bir adama əsir verdin ki, gecə-gündüz iki saat huşu başında olmur. Mənim doqquz yaşında ərə getməli vaxtım idi? Atamın bir parça çörəyi yox idi ki, mən yeyib oturum, rəhimsizlərin əlində əsir kimi qalmayım? Üç ildir ki, bir qaranlıq evdə dustaq qalmışam, özü də gecə-gündüz muzqançı Səfərəli xan ilə keflənib o biri otaqda yatır, mən də qorxumdan köksüz ağac kimi titrəyə-titrəyə subh edirəm. Böyükxanım sinəsinə çalırdı, ağlayırdı: qızım, de görüm bəs indi nə üçün çıxıb gəldin? – Nə olacaqdır, axşamdan əzrail kimi gəlib məni salıb qamçının altına ki, dur çıx mənim evimdən! İndi mənim naxoş və zəif bədənimdə qaralmamış, əzilməmiş bir yer qalmayıbdır. Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır, indisə qamçı və sillə dəyməyən bir yer yoxdur. Ana, bilmirəm bu necə şəriətdir? Bu necə müsəlmanlıqdır? Məni kim əsir verdi? Hansı molla, hansı şəriət qatili məni satdı? Böyükxanım — Qızım, heç ağlama! Övrət olanın həmişə gərək qabırğası ağacda olsun, övrəti döyərlər də, söyərlər də, döyüb eşiyə buraxarlar, gərəkdir ki, səbr eləsin, səs çıxarmasın. Heç bilirsən mən sənin bu yox olmuş atandan nələr çəkmişəm? Qızım, sənin başıva hər nə gətirdi sənin bu bədbəxt atan gətirdi. (Əli ilə çalır Rzaqulu xanın sinəsinə). Rzaqulu xan (hövlnak gözlərini açaraq) Övrət, üzün qara olsun, axır nəfəsimdə sinəmin taxtasını sındırdın. Allah məni tez qurtarsın, sənin əlindən tez qurtarım! (Münəvvərə) Bala, Münəvvər, üstümü aç, nəfəsim darıxır. Münəvvər xanım rəngi ağarmış atasının üstünü açıb sonra anasına kamali-mülayimətlə deyirdi: Ana, sən deyirsən ki, övrət olan şəxsə hər zülmü edərlər, gərək səbr eləsin. Bu səhvdir! Çünki ana, heç kəs heç kəsin haqqında təcavüz edə bilməz. Hər ikisi bir hüquq, bir ixtiyarda xalq olunmuş insan nə deyib bir-birinə təcavüz edər? Heç kəsi əsir olaraq bir nakəsə satmaq olmaz! Təcavüz haramdır, bilafərq hər kəs olursa-olsun. Kişi tayfasına övrətin itaəti ancaq şəriətin buyurduğu münasibətlədir. Nəinki kefi-məyəşa cəhətinə. Şəraitə müxalif hərəkət edən övrəti cəzalandırmaq lazımdır. Bil’əks vəhşilik, nadanlıqdan başqa bir işə zənn edilməz! Rzaqulu xan rəngi təğyir tapmış, rəxtxabın içində olduğu halda, aləmə təğyir vermək istədiyi sırada yenə gözlərini açıb Münəvvərin sözlərini eşidirdi. Yavaş-yavaş Münəvvəri yanına çağırırdı. Qızım, irəli gəl! Bala, irəli gəl! Münəvvər xanım yaxınlaşıb son nəfəsində övladını yadından çıxarmayan Rzaqulu xanı dərağuş etmişdi. Rzaqulu xan isə qolları qızının boynunda deyirdi: Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. Sənin bu dillərin vətənimdən dari-axirətə məni çox məsrur yola salır. Bir də sən heç xəyal eləmə ki, mən öz məhəbbətimi səndən götürmüşdüm! Qızım, sən Qulam xan kimi nakəsə əsir getdiyin gündən daha səni xatirimə də gətirə bilmirəm. Vallah sən həmişə mənim xəyalıma gələndə gözlərim yaş ilə dolur. Bihiss oluram. Sənin adın yanımda çəkiləndə arzu və amalımın natamam qaldığı gözümün önündə mücəssəm durur. Məni şaşdırıb qoyur. İndi bunları deməyə fürsət yoxdur. Çünki vaxt azaldı, amma lazımlı sözlərim çoxdur. Ancaq bilirsən ki, səni və qardaşlarını firəng evinə qoymaqdan mənim qəsdim nə idi? Qızım, hərçənd əvvəlcə səni yaxşı tərbiyə etdirdim. Amma sonra sən əsir düşən vaxtda sənə muavinət edə bilmədim. Sən çox yalvardın, amma mən kömək etmək qüvvətinə malik deyil idim. Mərəz məndə taqət qoymamışdı. Amma səndən xahiş edirəm mənə ölən vaxtımda bir yaxşılıq elə! Mənim bu sözlərimi qardaşların Tehrandan gələndən sonra onlara söylə! Söylə ki, naumid atanız ölən vaxtında sizə bu sözləri vəsiyyət etdi. Hərkah məndən sonra bu var-dövlətdən bir miqdar baqi qalırsa satıb yenə Avropada elm təhsilinə xərc edərsiniz! Öz vətəniniz olan İrana həmişə mal, can ilə xidmət edin! Amma məni də halal eləyin. Çünki mən sizin atalıq haqqınızı yerinə yetirə bilməyib layiqincə tərbiyə etdirə bilmədim. Qızım, bir də adam göndər doktor Lui hökumətə xəbər versin, mən ölən kimi gəlib bu mal-dövləti möhürlətdirsin. Mən bilirəm Qulam xan bizim axırımıza çıxacaqdır. Münəvvər xanım (ağlaya-ağlaya) baş üstə deyib qalxdı yazı stolunun başına, doktora bir məktub göndərdi. Anası Böyükxanım isə özünü döyüb çırpa-çırpa Münəvvər xanıma nifrin edib deyirdi: Qız, səni görüm üzün qara olsun, baxırsan naxoşun sözünə dövləti niyə möhürlətdirirsən? Allah səni mənə verincə bir daş verəydi divara qoyaydım. Sən heç bilirsən mənim başıma nə iş gətirirsən? Münəvvər xanım — Sən, Münəvvəri doğan gün xarab olaydı ki, bu günləri görməyəydi. Ana, insaf elə, mürüvvət elə, insan da Qulam xan kimi nakəsdən ötrü öz vəli-nə’mətinə ah-olar? Hərkah allah rast gətirsə mən bu gün ölsəm daha sizin Qulam xan ilə nə rabitəniz qalar? Bu nakəsdən ötrü qardaşlarımı qürbətə qaçırdığın bəs olmadı? Yenə atamın axır nəfəsində üzünə durursan? (Öz-özünə) allah bizlən Qulam xan arasında ədalətlə divan eləsin. Mənim elsiz, qardaşsız, atasız qalmağıma o bais oldu. Münəvvər xanım danışdıqca Böyükxanım da Rzaqulu xana və Münəvvərə nifrin edib yaman deyirdi: Rzaqulu xan isə dünya üzündə axırıncı kəlmələr olaraq danışırdı: Övrət, bəs elə! Üç ildir övladım qürbətdə, qızım həbsdə, özüm də rəxtxab içində sən ilən mübarizə edirəm. Allah səni öz lə’nətinə giriftar eləsin ki, dünyada mənə və övladıma cəhənnəm əzabı göstərdin. Övladımdan, vətənimdən, vətən qardaşlarımdan xəcalət çəkməyə də sən səbəb oldun. Doyunca nə övladıma, nə vətənimə baxa bilmədim, ancaq sən ilən mübarizədə ömrümü qurtardım. Əfsus! Əfsus ki, İranın xoşbəxt günlərini görə bilmədim. Rzaqulu xan bu sözlərdən sonra dua oxurdu, salavat söyləyirdi. Amma övrəti Böyükxanım xəşmindən ikiəlli Rzaqulu xanın başına çalıb deyirdi: Daş düşsün bu başıva ki, dünyada bircə qızın var idi, onu da ərinin yanında xəcalət qoydun. Rzaqulu xan xəfif surətdə bu hərəkətdən sonra əşhədu ənla ilahə illəllah, deyərək sonra, xudavənda, vətənimi işıq günə çıxart, deyə dünyadan hürriyyəti-əbədiyyətə çəkildi. Münəvvər xanım özünü ağlaya-ağlaya atasının bədəninin üstünə atıb başının tüklərini yola-yola deyirdi: Ata, mənim də dünyada ümidim kəsildi. Dünyada üzü gülməyən ata! Vətənin səadətini görməyib nigaran can verən ata! Əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanım da Münəvvəri cənazənin üstündən qaldırıb deyirdi: Dur ayağa mən bunu tanıyıram! Qeyzi-qəzəbindən qəşş eləyibdir! Yenə özü ayılar. Bu vaxt eşikdən Qulam xan səslənir: durun başınızı örtün, Mirzə Rəhim ağa gəlir, mal-dövləti möhürləsin. Qulluqçular Münəvvəri qəşş halında bu biri otağa götürürlər. Böyükxanım da başında çadrşəb Qulam xana başsağlığı verib deyirdi: Qulam xan, xan əmindən yana sən sağ olasan. Bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin boynuna. Mal-dövlət möhürləndi. Zavallı Rzaqulu xanın, yaxud məşhur bir vətənpərəstin dəfn və kəfninə məşğul olub saat on iki radələri idi. Rzaqulu xanın tabutu üstə qara şal çəkilmiş qapıdan çıxırdı. Doktor Lui, dəxi Münəvvərin məktubuna binaən fayton ilə öz qardaşını görmək üçün gəlirdi. İstəkli qardaşının qara tabutunu görən doktor furajkasını yerə vurub ağlayırdı. Fransızca olaraq öz-özünə deyirdi: İranın işıqlı ulduzu nagahan qürub edib getdi. Doktor faytonu geri qaytarıb tabutun dalınca ağlaya-ağlaya gedirdi. Rzaqulu xan vətənin müqəddəs torpağında dəfn olundu. Öz vəsiyyətinə binaən doktor Lui əzəmətli və uca bir məzar daşı yazdırıb tarixi-vəfatilə bərabər qəbrinin üstündə tikdirdi. Daşın üzərində yazılan «Məqtuli-eşqi-İran Rzaquluxani-binamu nişan» kəliməti qəmkinanəsi indi də insanı ağladacaq dərəcədə oxunmaqdadır. Rzaqulu xanın vəfatından 16 gün keçmişdi, evin qapıları möhürlü, Münəvvər xanım naxoş, Böyükxanımın da başı qəm dizində idi. Zira Qulam xan qapıları möhürləyib açarlarını cibinə qoyub özü də daha Münəvvəri aparmaq istəmirdi. Buna cəhət Böyükxanımın əhvali nəhayət dərəcədə qarışmışdı. Oğlanları Pərviz xan və Hacı xan da atalarının teleqramını alan kimi çıxıb gəlmiş idilər, lakin evdən əsla eşiyə çıxmayıb, camaatın sərzənişinə düçar olmaq və Qulam xan kimi də nakəsi görmək istəmirdilər. Böyükxanım da ümidini Qulam xandan kəsib oğlanlarına meyli-məhəbbət etmək istəyirdi. Bundan ötrü çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə gedib qapıları açdırmaq istəyirdisə də oğlanları mane olub deyirdilər: biz qanırıq o nə tövr adamdır. Belə məlum olur ki, Qulam xan ilə əlbir olub bu dövləti yemək istəyirlər. Ancaq biz də gərək bir az səbr edək. Görək işin axırı nə tövr olacaqdır. Hərkah bu vətəndə bir ədalətlə rəftar edən bir hökumət, bir idarə olursa, biz onun vasitəsilə öz həqqi-məşruimizi tələb edərik. Biləks, biz də sayir iranlı qardaşlarımız kimi fəqrü faqə, zülmüsitəm içində ömr edərik. Münəvvər xanım da hərdənbir gözlərini açıb deyirdi: qardaşlar, tezlik ilə məni atamın yanında dəfn edərsiniz. Xoşa halınıza Tehranda olub bizim çəkdiyimiz müsibətlərə düçar olmadınız, mən də, atam da dərd-qüssə içində çürüyüb qurtardıq. Böyükxanım da çadrşəbini başına salıb Mirzə Rəhim ağanın evinə getməyə hazırlaşmışdı. Böyükxanım Mirzə Rəhim ağanın hərəmxanə qapısından daxil olub ağanın baş hərəmi Nisabəyim xanımın otağına daxil oldu: — Salaməleyküm Nisabəyim xanım! Nisabəyim xanım — Əleykəssalam, xoş gəldin, səfa gətirdin, əyləş görək. Balam, sən hara, bura hara? Nə əcəb səndən bizi yada salırsan? (Böyükxanım əyləşir): Allah ölənlərinizə rəhmət eləsin, uşaqların atası öləndən elə başım qarışıb, xatir, könül də edə bilmirəm. Nisabəyim xanım — Allah xana rəhmət eləsin, Mirzə Rəhim ağadan pulunu heç muzayiqə eləməzdi. Amma ağa da onun xatirini istərdi. Hətta bir gün mən qapı dalından qulaq verirdim, gördüm ağa, Rzaqulu xan rəhmətliyə gülə-gülə: «Biz iranlıların Firəngistanda oxuyanlarını nə qədər ki, düşmən bilirux, amma sizi bir o qədəri dost tuturux, çünki siz özünüzü o qədər məhbubülqülub etmisiniz ki, onların şəriətə vurduğu rəxnələr yadımızdan çıxır — deyirdi.» Amma Böyükxanım, sən bilmirəm niyə belə kəmiltifat olmusan ki, ayda bir, həftədə bir gəlmirsən? Allah bilir, ancaq sizin də xanın e’tiqadı bir az xarab imiş. Eşitdim ki, istəyirmiş uşaqları Firəngistana göndərsin. Aləm gəlir Təbriz mədrəsələrində dərs oxuyur. Odur Talibiyədə Hacı Səfər Əli mədrəsəsində min-min tələbə dərs oxuyur. O rəhmətlik də uşaqları murdar firənglərin içinə göndərirdi. Bəh, bəh, qəribə bədə’tiqad adamlar var imiş?! Mirzə Rəhim ağa buyurar ki, iranlılar həmişə laməzhəb olmağa tələsirlər. Ay rəhmətlik kişi, Təbrizin bu qədər həkimləri Firəngistana getməyib həkim olmayıblar (Böyükxanıma) Sənin o əziz canuva and olsun, keçən ay bizim qonşu Müzəffərülməmalik naxoş oldu, getdilər haman xanın doktorunu gətirdilər. O tərəfinə bir qara zurna soxdu, bu tərəfinə bir qara zurna soxdu, qulaq verdi, kah bir şüşə parçası çıxarıb qoltuğuna qoydu, kah da çıxarıb saata baxdı. Bir az tartan-partan danışandan sonra bir nüsxə yazıb hacı Əli dəvafuruşun yanına göndərdi, min həngamə çıxartdı. axırda Mirzə Fərəcülla həkimbaşını gətirdilər, dilinə baxıb nəbzini tutandan sonra iki misqal sənə və şuvərən ilə naxoşun yaxasını qurtardı. Qərəz ki, xalqın qəlbi lap dolanıb, elə Firəngistana getdilər ki, bu şeytan əməlləri çıxdı. Böyükxanım, Nisabəyim xanım danışdıqca ah çəkib başına hərəkət verirdi. Yavaş-yavaş deyirdi. İndi burada heç kəs yoxdur, gizlin sözümü deyirəm, dürustu odur ki, kişinin e’tiqadı xarab idi. Münəvvər üç yaşında idi, ötürmüşdü firənk doktorunun övrəti Liza xanımın yanına, nə var, nə var ki, tərbiyət alsın ədəb öyrənsin. Vəhalonki, Lizanın özündə heç bir övrətlik yoxdur. Ancaq bir gözəlliyi var. Bir də axşama kimi qabağında kitab oxuyar. Yainki aynanın qabağında oturub tüklərini, üzünü düzəldərək, bəzək verər. Axşama kimi peşəsi oğul-uşağa kitab oxutmaq, nə var ki, ədəb öyrədirəm. Başıma dəysin o öyrədən ədəb. Heç bir iş bilməz, paltar yuya bilməz, ev süpürmək bacarmaz. Ancaq iş barəsində bircə nazik çorablardan toxumağı öyrənib. Rəhmətlik xan bais oldu qızın laməzhəb olmağına, indi danışdırıram, deyir ki, ana sən haqlısan, çünki elmin yoxdur. Nisabəyim xanım — Münəvvərin Qulam xandan övladı vardır? Böyükxanım — Münəvvərin başına gül olsun, hələ vaxtı deyil ki, ancaq bu heyva vaxtı gəlsə 13 yaşı tamam olacaqdır. Münəvvər adı gələndə dərimə od düşür. Cəmi təqsirlər mənim sahibimdə idi ki, öz sağlığında qızın ata malını ayırıb özünə verməzdi ki, sahibinin yanında üzü ağ olsun. İndi Qulam xan acığından qızı buraxıb gəlib evdə qalır. Uşaqlar da Tehrandan gəliblər bekar-bekar dolanırlar. Nisabəyim — Yox! Yox! İnsaf deyil bekar gəzsinlər. Onlara bir iş tap! Böyükxanım — (ağlaya-ağlaya) elə mən də gəldim ki, ağa evin möhrünü götürsün, uşaqlara bir iş tapım. Nisabəyim xanım bu sözləri eşitdikdən sonra Mirzə Rəhim ağanı o biri otaqdan səsləyir, bir neçə dəqiqədən sonra cənab ağa təşrif gətirir. Amma Böyükxanım kamali-şiddətlə ağlayırdı, çünki əvvəlinci dəfə olaraq məhkəməyə girdiyi idi. Hərçənd Münəvvərin kəbinini kəsdirəndə ağanın mənzilinə gəlmişdi, lakin övrət tayfasına qız ərə vermək ləzzəti o qədər şirindir ki, bu tövr həqarətləri əsla xəyalına gətirmirdi. Mirzə Rəhim ağa otağa daxil olub saqqalını tumarlayırdı. Başında tirmə şəbkülah qələmkarı və qısa don əynində, ayağında ağ zirçamə, qabağından bağı aslanırdı. Ağa şəbəkülahı salıb qaşının üstünə, üzü Nisabəyim xanıma deyirdi: hə, qonağın kimdir? Böyükxanım və Nisabəyim xanım ayağa qalxırlar. Ağadan izn hasil olandan sonra əyləşirlər. Nisabəyim xanım — Ağa, Böyükxanımdır. Rzaqulu xanın örvətidir. Sizə ərzi vardır. Mirzə Rəhim ağa təəccüblə əlini-əlinə çalıb deyirdi: Pah! Qəribə qafil oturmuşuq. Gorki-əcəl yeka-yek əyin kəllə mibərd Vin kəllara bebin ki, çe asudə miçərəd. Ey bivəfa dünya! Sənə e’tibar edənlərə lə’nət! Doğrudan Təbriz mülkü indiyə qədər Rzaqulu qeyrətdə, səxavətdə adam yetirməmişdi. Ah, həyasız dünya! Mirzə Rəhim ağa əlin əlinə çalıb Nisabəyim xanıma deyirdi: Tanıyırdın, Rzaqulu xanı? (Yenə öz-özünə) ah, necə heyif oldun, Rzaqulu xan, doğrudan mənim əlimdən getdin. Bu sözlərdən Böyükxanımın daşdan bərk olan qəlbi riqqət bəhəm edib ağlayırdı. Hərdənbir Mirzə Rəhim ağaya ərz eləyirdi: Allah ömrünüzü tulani eləsin, biz camaata çox görməsin. Nisabəyim xanım — Doğrudan Rzaqulu xan yaxşı kişi idi, siz ilən bircə halalınız ayrı idi. Bu vaxt Mirzə Rəhim ağa öz ətəklərini yığışdırıb Böyükxanımın qabağında dərvişi oturmaq binasını qoymuşdu. Amma zirçaməsinin bağları yerə sallanmışdı. Böyükxanıma kamali-mülayimət və izahari-e’tidal nişan verib deyirdi: Həmişə Rzaqulu xan sənin nəçabətindən və əsilliyindən mənə tə’rif edirdi. Əmdiyin süd halalun olsun! Doğrudan da nəcib övrət imişsən. Böyükxanımın bu sözlərdən bir az qoltuqları şişib balidələnirdi.. Allah şəriətmədarın kölgəsini başımızdan əskik eləməsin, vallah elə bilirəm ki, heç Rzaqulu xan ölməyibdir deyə dua edirdi. Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. Üzünü Böyükxanıma tutub pəh-pəh, doğrudan əsil Rzaqulu xanın övrətisən, deyə, sonra Nisabəyim xanıma tərəf deyirdi: Görürsən necə nəcibdir? Yenə dönüb Böyükxanıma deyirdi: Xub xanım, hala nə üçün təşrif gətiribsiniz? Böyükxanım bir az dalı çəkilib deyirdi: Ağa, özün bilirsən ki, bu Təbrizdə birisinin iki dostu olanda, üç nəfər də düşməni vardır. İndi uşaqlar gəzir, bekar-bekar dolanırlar. Təvəqqə edirəm zəhmət çəkib evlərin möhrünü götürəsən ki, uşaqlar bir işə yapışsınlar. Allah sizin kimi dostları əskik eləməsin, elə bilirəm ki, xan heç ölməyibdir, məndən sənə səndən allaha öz iltifatını bizdən kəsmə! Mənim oğlanlarıma kömək elə! Mirzə Rəhim ağa bu sözlərdə saqqalın tumarlayırdı, deyirdi: bir də buyur görüm nə deyirsiniz? (Öz-özünə) Əslinə baxasan aşina ölümü insanı elə dilgir edir ki, özlüyündən çıxır. Heyif rəfiqlərim! Pəh qəribə tək qalmadım? Qəribə ovqatım təlx olmadı? Filvaqe mənim sadiq rəfiqlərimdən bircə Rzaqulu xan qalırdı. Böyükxanım genə üzünü çevirib deyirdi: ağa, uşaqlar gəlib Təbrizdə bekar gəzirlər. Təvəqqə edirəm möhrü götürəsən uşaqlar bir işə yapışsınlar. Hər birisinin gündə cib xərcini bir tümən görmür. Allah şəriət-mədarın kölgəsini başımızdan kəm eləməsin. Mirzə Rəhim ağa — Heyli xub, uşaqlar da gəlib daha yaxşı, Qulam xan da gələr yerbəyer edərik, uşaqları da işə qoyaram. Böyükxanım yenə əcz edib yalvarırdı: Ağa, allah xatirinə bizə rəhmin gəlsin! Hərkah uşaqlar Qulam xan adını eşitsələr təzədən çıxıb gedərlər. Çünki onlar əsla yola getmirlər. Allah rizasına bizi dilə-dişə salma! İşlərə əncam vergilən! Böyükxanım gözünün yaşını silə-silə Mirzə Rəhim ağaya yalvarırdı. Göz yaşları qətrə-qətrə ətlas çadrşəbin üstünə axıb yuvarlanıb yerə düşürdü. Mirzə Rəhim ağa da evi var-gəl edə-edə övrəti Nisabəyim xanıma deyirdi: Dur mənim o biri otaqdan təsbehimi tap gətir bir istixarə edəcəyəm. Nisabəyim xanım gedəndən sonra Mirzə Rəhim ağa əyləşib Böyükxanımla rubəru söhbətə başlamışdı. Nisabəyim xanım o biri otaqda təsbehi axtarırdı. Böyükxanım da üzü örtülü əyləşmişdi. Mirzə Rəhim ağa da Böyükxanımla rubəru oturub deyirdi: Böyükxanım, sən bir nəcib övrətsən və çox da xoşuma gəlirsən, çünki nəcibsən. Əslinə baxsan biz ülama qisminin işi çox müşküldür, gərəkdir elə bir rəftar edək ki, şəriəti-nəbəvi səlavətullah üçün bir zərrə xəyanət olmasın. İndi bu saat ki, mən səninlə söhbət edirəm, şəriətə xilafdır. Hətta sübhanəhu və təala qiymətin günündə məni müaxizə edəcəkdir. Mirzə Rəhim ağa bir necə dəfə istiğfar edib yenə sözünə davam etdi: bu mal-dövlət ki, sənin vardır, çox hissəsi özünə məxsusdur. Sən də ki, bu murdar dünya çifəsindən ötrü gəlib məhkəməyi şər’iyyədə mən ilən danışırsan şəriətə xəyanətdir, mən də buna razı olmaram ki, sənin kimi nəcib, gözəl-göyçək bir xanım, qiyamətin günü dünya çifəsindən ötrü cəhənnəm odunda yansın. Heyif deyil bu nazik bədən, bu tənasibi-əndam, bu təravətitam odlara yanıb gül olsun? Çünki sən mənə naməhrəmsən, bu işin əncamı çox çətindir. Görüm nə tövr olacaqdır, allaha təvəkkül! Mən bu gecə fikir edərəm sən də yenə sübh tezdən gələrsən danışarıq, yerbəyer edərəm. Mən çalışaram, sən də mən dediyim sözlərin canını, həqiqətini yaxşı baş tap, mənim qəlbimi bil! Böyükxanım işi müşkül eşidib gözünün yaşını tökürdü, ağaya ərz eləyirdi: ağa məni öz qızın hesab elə! Bu işə əncam ver. Bizim daha səndən başqa bir kəsə ümidimiz yoxdur. Mirzə Rəhim ağa bir az da Böyükxanıma yaxınlaşıb az qalırdı ki, başı Böyükxanımın başına dəysin. Böyük xanımın gözlərinin içinə baxıb deyirdi: əvvəla budur ki, heç ağlama! Sənin işin Rzaqulu xan əsrindən yaxşı olar. Hərkah özün doğru demiş olsan. İkincisi, sən o vaxt mənə qız hesab olunardın ki, Rzaqulu xan hali həyatda olaydı. Lakin indi naməhrəmsən və nə qədər ki, bu naməhrəmlik vardır sənin işivə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriət mədarlara bu iş şayistə deyil: Böyükxanım nəhayət dərəcədə darıxmışdı. Bir tərəfdən mal-dövlətdən naumid, bir tərəfdən Qulam xandan əli çıxmış, bir tərəfdən Mirzə Rəhim ağanın saqqalı az qalır üzünə sürtüşsün, hətta ağzının suyu atılıb Böyükxanımın çadrşəbinə düşürdü. Ona cəhət Böyükxanım təngə gəlib deyirdi: Ay ağa, başıva dönüm sən də bizim işimizə qarışmayacaqsan bəs kim qarışacaqdır? Təbrizdə hanı o cur’ətdə alim ki, sənin kimi müctəhid vuran möhrü götürsün? Axır bir insaf elə. Böyükxanımın bu vaxt boğazı tutulmuşdu, ağlayırdı. Mirzə Rəhim ağa isə daha da irəli gəlib deyirdi: Böyükxanım, heç ağlama! Sənin bu ağlamağın mənim qəlbimi yandırır. Fikir eliyirəm indi sənin bu işivin bircə çarəsi vardır. O çarə də budur ki, gərək bu günlərdə sən özüvə bir məhrəm ixtiyar edəsən ki, sənin əvəzindən vəkil olub danışsın. Biləks, səninlə danışmaq şəriətə ziddir. İslamiyyətin kökünə rəxnə vurmaqdır. Mən indi sən ilən danışıram, amma qəlbim allahın qorxusundan titrəyir. Amma doğrudan Mirzə Rəhim ağanın əlləri titrəyirdi. Mirzə Rəhim ağa titrəyə-titrəyə Böyükxanımın əlindən tutub öz sinəsinə basıb deyirdi: Bax gör necə ürəyim titrəyir, bunun hamısı allahın qorxusundandır. Böyükxanım əlini silkib Mirzə Rəhim ağanın əlindən alıb deyirdi: Bir nəfər övrətin ki, üç kəbir övladı olsun, o övrət də iddəsi çıxmamış məhrəm ixtiyar edə bilər? Mirzə Rəhim ağa — Əcaba, hənuz ağzından süd qoxusu gələn uşaq mənə əqil, şəriət öyrədir, otuz il camaat namazı qılan mollaya məsələ tə’lim edir! (Böyükxanıma) əvvəla budur ki, sənin əlli nəfər də kəbir övladın olsa səndən vəkil ola bilməz! Çünki onların özü də bu maldan-müddəidir. İkinci, o övrətə iddə saxlamaq lazımdır ki, onun bətni nə’lum ola. İndi mən bilirəm ki, sən necə ildir uşaqdan düşmüsən. Çünki sənin sahibin naxoş idi. Allah valdeyinivə rəhmət eləsin, mən özümü əmdən cəhənnəm oduna yandıra bilmərəm. İstəyirsən şəriət sahibi qiyamətdə mənim üzümə baxmasın? Böyükxanım bu sözlərdə Mirzə Rəhim ağanın fikrini büsbütün anlamışdı. Çünki ağa söhbət arasında Böyükxanımın çiyninə əl qoyurdu, əlini sıxırdı. Buna cəhət Böyükxanım xişmnak deyirdi: Qurban olum şəriət sahibinə ki, verib sizin kimi lotuların əlinə, hər nə bilirsiniz fəqir camaata eyləyirsiniz. Utanmaz oğlu utanmaz! Bəs deyəsən mən buna vaxt ikən və’də vermişəm? Haramzadə oğlu mən ilə hənək məzah başlayıbdır. Vallah bu övrətliyim ilə əmmaməvi başıva, boynuva səryib üzü üstə bazara çəkərəm. Böyükxanım qalxıb getmişdi. Mirzə Rəhim ağa da mat-məbhud rəngi ağarmış oturmuşdu. Amma təsbeh dalınca gedən Nisabəyim xanım qapının dalından bu əhvalata mütəvəccəh olduğundan Böyükxanımın xişmnak durub getməsini görüb xişmnak içəri girdi. Təsbehi Mirzə Rəhim ağanın başına çaldı. Böyükxanım qapıları çalıb getdikdən sonra Mirzə Rəhim ağanın övrəti Nisabəyim xanım içəri girib, götür mirasa qalmış təsbehi, deyə, Mirzə Rəhim ağanın başına çalır. Yerə girəsən belə molla, az qalır övrətin gözlərinə girsin. (İki əllərilə boğma verər) Ala. Az qalır övrəti basmarlasın. Mirzə Rəhim ağanın qorxudan ağzı qurumuşdu. Tüfürcəyini udub dedi: niyə çox danışırsan, füzul qızı füzul! Sənin xəyalın odur ki, mən şəriəti ayaqlayım? Özümü allahın qılıncına vurum? Peyğəmbərin qəzəbinə giriftar eləyim? Nisabəyim xanım qeyzindən əlləri titrəyə-titrəyə: allah döysün o şəriəti ki, sən yeridirsən. Kişi bir utan! Bir həya elə! Bir ağlıvı başıva yığ! Az məni yerə soxkinən! Yerə soxum boyuvu belə alim! Belə molla! Kişi bu da olmadı Həmid ağanın övrətini iddəsi çıxmamış aldın, aləm cəmdəyimizə tüfürdu. Mirzə Rəhim ağa (fikirli-fikirli) az danış, bu işlər sənin borcun deyil, — deyə başını aşağı salmışdı. Nisabəyim xanım — Bəs kimin borcudur? Mirzə Rəhim ağa — Biz öz məsələmizi yaxşı bilirik. Şəriət əhli xilaf hərəkət etməz, deyə əlini başına qoyub fikrə getmişdi. Nisabəyim xanım — Qeyz axır məni öldürəcəkdir, allah evivi başıva uçurtsun! Vallah çıxıb qapıya aləmi yığıb tökərəm başıva. Gündə bir siğə, gündə bir siğə, gündə bir siğə, hamısı da iddəsi çıxmamış çavanə övrətlər. Başına daş düşsün, hələ dörd gün yoxdur ki, Murtuzaxanın övrəti Dilaram xanımı almısan. Boyuvu yerə soxum, deyəsən övrət dəllalıdır! Siğə olar, iki olar, üç olar, nəinki qırx-əlli? Mirzə Rəhim ağa — Çox danışma, o övrətlər ki, birisi üç misqal gümüşə siğə eləmişəm, hər birisinin bir kürur dövləti vardır. Amma sənin qırx dəyirmanda bir ponza unun yoxdur. Hər ildə iki min tümən pul xərcləyirsən. Nisabəyim xanım — Mən onu bunu bilmirəm, daha təngə gəldim. Altı dəfə talağımı vermisən bu da olsun yeddinçisi. Mən bu rüsvayçılığa tab gətirə bilmirəm. Sən arı yeyib namusu da dalıva bağlamısan. Mirzə Rəhim ağa — Bu da sənin təlağın, deyə talaq verir. Xub, bu da sənin talağın, indi buyura bilərsən. Nisabəyim xanım çadrşəbini başına sala-sala deyirdi: Başıva dəysin belə mollalıq ki, hər gün bir müsəlman övrətini hiylə toruna salıb zinaya mürtəkib olursan. Adın da qoyursan siğə. Mirzə Rəhim ağa əsanı götürüb Nisabəyim xanımı qovurdu. Köpək qızı, sən ağzıvı hara yetirmisən ki, müctəhidə böhtan deyirsən? Nisabəyim xanım — sənin müctəhidliyivi heç kəs də bilməsə mən yaxşı bilirəm. Xalqın malını alırsınız bəs olmur, övrətinə də kəc baxırsınız — deyə qaçırdı. Nisabəyim xanım qaçıb ortadan çıxdı. Mirzə Rəhim ağa da tək-tənha otaqda oturub öz-özünə danışırdı. Xub, hala mənə deyən gərək ay axmağın birisi övrəti nə üçün boşladın? Xub, Böyükxanım sənə siğə olacaq ki, öz övrətivi boşladın? Pəh, qəribə nəqdi boşluğub pisyə dalınca düşmədim? Bu vaxt qapı açılıb Pərviz xan və Hacı xan salam verib içəri daxil oldular. Pəvriz xan və Hacı xan, Mirzə Rəhim ağanın mənzilinə daxil olaraq salam verib döşəklərin üstündə əyləşirlər. Əyinlərində pakizə Avropa libası, başlarında nazik tehrani papaq olduğundan Mirzə Rəhim ağa həzrətlərinə çox nəzərruba idi. Cənab ağa xanların salamını alıb təarufati-rəsmiyyəni əmələ gətirəndən sonra əhval pürsan olub deyirdi: Oğlanlarım, siz hara, bura hara? Nə əcəb molla əminizi də yada salmısınız? Çox mərhəmət buyurmusunuz. İltifat eləmisiniz. Pərviz xan — Mərhəmətiniz artıq, lütfünüz ziyad, səyəniz kəm olmasın. Mirzə Rəhim ağa Hacı xana mütəvəccəh olub gülə-gülə çənəsini əlləyirdi, Pərviz xana deyirdi: Bax gör gözləri necə Rzaqulu xanın gözlərinə oxşayır? Əlin çalıb əlinə deyirdi: Allah sənə rəhmət eləsin kişi, mənim əlimdən getdin! Pərviz xan kamali-ədəblə: mərhəmətiniz ali olsun, haqqımızda iltifatınız vardır. Mirzə Rəhim ağa bu tövr təarifatı da əmələ gətirəndən sonra hə, oğlanlarım, nə əcəb təşrif gətiribsiniz? Pərviz xan — Cənab, zati-alilərinizə mə’lumdur ki, biz ikimiz də atamız mərhum olan vaxt Tehranda idik. Siz cənab isə məhz hüquqi-məş’ruəmizə bikanə tərəfindən təcavüz olmasın deyə evləri, anbarları möhürləmisiniz. İndi təvəqqe olunur ki, gəlib haman möhürləri götürəsiniz. Mirzə Rəhim ağa söhbətə təğyir verərək deyirdi: Oğlanlarım, fikir eləməyin, Rzaqulu xan öldü, mən ki, ölməmişəm. Sizin hamı işinizi düzəldərəm. Orada söhbət yoxdur. Ancaq deyin görüm genə Tehranda millətpərəstlər nə fırıldaq çevirirlər? Aldıqları məşrutəyə razıdırlar, yainki başqa xəyalları da vardır? Pərviz xan fırıldaq kəlməsindən dilgir olmuşdu. Lakin öz e’tidalını pozmayaraq ədəb dairəsində dolanırdı. Mirzə Rəhim ağaya yavaş-yavaş deyirdi: Cənab ağa, sizin kimi mə’nəvi və ruhani atalar vücudunun bərəkətindən bizə atamızın ölməyi heç təsir etmir. O ki, qaldı Tehran övzai gündən-günə muxtəll olur. Gündən-günə fanatizm çoxalır. İrticayi hərəkətlər artır. Qorxuram işlər vəxamət kəsb etdikdən sonra camaat kəsbkardan qalsınlar. Mirzə Rəhim ağa fanatizm kəlməsini eşidib istehza edərək gülə-gülə deyirdi: Bala, mən fanatizmin mə’nasını bilmirəm, çünki xarici dərsi oxumamışam. Bu sözlər frənkiməabların təzə istilahlarıdır. De görüm fanatizm nədir? Pərviz xan yenə ağanın məsxərəamiz sözlərindən xuddarlıq edib deyirdi: Ağa, fanatizmin xarici lisandan alındığı mə’lumdur. Ata-babadan qalma cəhaləti, qanuni-həqiqiyi islam deyə qucaqlamaq, bid’ətlərə şəriət deyib xidmət eləmək, istibdad və zülm əhlinə dünya malından ötrü riya və təməllüq göstərmək kimi işlərə fanatizm deyirlər. Bu işlərin haliyyədə rəvacına çalışan məhz hökuməti-hazirədir. Mirzə Rəhim ağa bu sözdə bir ucadan güldü. Əlini əlinə çalıb dedi: Afərin, səd afərin, qəribə fəsahətli, bəlağətli natiq olmusan. Mən ölüm, bu gün get əncüməndə bir nitq elə! Mirzə Hüseyn natiq bari bir xəcalət çəksin. (Öz-özünə) Abad olasan Təbriz, qəribə natiq, süxənvərlər yetirmisən! (Pərviz xana). Xub, hala bildim fanatizm nədir, onun rəvacına hökumət nə üçün çalışır? Padşah ki, həmişə məmləkətdə əmniyyət istər. Pərviz xanın bu qədər məsxərə, bu qədər təcavüzdən ovqatı təlx olmuş isə də, yenə e’tidal üzrə və nazikanə bir surətdə hərəkət edib deyirdi: Cənab! İndi siz gərək bu iğtişaşların, ixtilafın səbəbini yaxşı biləsiniz, çünki camaata siz hökumətdən yaxınsınız, belə ki, ildə bir dəfə hökumətə işi düşməyən adamın əqəllən ildə yüz dəfə üləmaya işi və ehtiyacı düşür. Səbəbi isə əvvəldən işlərin bu tövr ustadanə bina olunmasıdır ki, camaat mollaların yanında həlgəbəkuş mənziləsindədirlər. Mirzə Rəhim ağa — Əlbəttə, hər işi biz bilirik, amma bu firənkiməabların işindən baş çıxarmaq mümkün deyil! Çünki bu adamlar firənkiməab və oxumuş adamlardır. Bu millətpərəstlər hər gündə bir söz çıxardırlar ki, əsla qulaq eşitməyibdir. Bir gün görürsən gəlib deyirlər ki, biz şahdan konstitusiya istəyirik. Bir gün də cənab Hüseyn Natiq başladı ki, gərək İranda həqiqi bir radikal firqəsi təşkil olunsun. Bir gün iştirakiyyun amiyyun, bir gün inqilabiyyun iştirakiyyun deyirdilər. Siz də indi deyirsiniz ki, Tehranda irtica artır, mən də heç bilmirəm ki, irtica nədir. Hətta dünənləri bizim Məşədi Haşım əlaqəbənd deyirdi ki, Tehranda irtica güclənir. Dedim, balam, irtica nədir? Dedi ki, xala oğlu, mə’nasını bilsən sənə də zərəri vardır. Çünki sən də əvvəlcə məşrutə veriləndə Hacı Səfərəli mədrəsəsində məxsusi əncümən qurmuşdun. Sonra genə bərhəm eləyib Məhəmmədəli şaha übudiyyət telegramı çəkdik. Pərviz xan daha bu qədər həqarətə tab gətirə bilməyib deyirdi: Ağa, hərkah izndir, mən də ərz eləyim ki, camaat nə işdən ötrü təngə gəlib məşrutə istədilər və hökumət nə üçün işi qarışdırır. Mirzə Rəhim ağa — Buyur! Buyur! Pərviz xan — Cənab! Nəsrəddin şah əsrində bizim bu zavallı vətənimizə hansı düşmən hücum etdi? Dövlət hansı təşəbbüsatda bulundu, hansı islahati vətəniyyədə bulundu? Hansı dəmir yolları çəkdi, hansı mərizxanə, hansı mədrəsəni açdı ki, bu qədər tənəzzül elədi? Bu tənəzzülün səbəbi nədir? Bunlara səbəb nədir? Bunlara səbəb hökumət başında oturan zatın xüsusi bir politikası olmayıb camaatdan aldığı pulların lazımi yerinə sərf etmək iste’dadı olmadığındandır. Bunlardandır ki, milləti, vətəni bu həqarət, bu tənəzzülə düşürdü. Məsələn, vətənin mühafizlərinə, məmləkətin hifzinə cəhət camaatdan alınan pullar Firəngistanın restoranlarında, bu kimi yerlərində tökülüb madmazellərin əlindəki bir dəstə gülə bir fövc sərbazın bir aylıq məvacibi getdi. Digər tərəfdən özünün və camaatın hüququnu bə’zi para mollanümaların və müfsidlərin, daha açığı, əlvatın əlinə buraxmışdı. Buna cəhət hər yerdə basıb kəsmə, rətqüfətq, rəyasət sevdası başlarda qələyana gəlib, İran və iranlılar başdan-başa ayaqlar altına salınıb, fəryadi-təzəllüm aləmi tutmuşdu. Bu da təbiidir ki, ayaqlanan camaat daha yata bilməzdi. Ona cəhət ittihad altına alınıb öz hüququ-məşruəsinə bir məşrutə qoşmaq istədi. Vaxtın müsaidəsizliyinə cəhət bu iş qəlblərdə nihan sirlər kimi qaldı. Nəhayət, Mirzə Rza nam Nəsrəddin şahı qətl etdikdən sonra yerinə Müzəffərəddin şah mərhumu əyləşdirdilər. Bu zat dəxi siyasi bir kişi olmayıb mollasifət bir hökmdar olub da az vaxtda mollalar sinfinə daxil oldu. Bunun əhdində İranın əli xarici istiqraza açıldı. İmtiyazlar xaricə verildi. Camaatın bu cəhətlərdən hərəkətlərini mülahizə edən Müzəffərəddin şah əvvəlcə bir ədalətxanə, sonra tam bir qanun əsası əta və e’lan buyurdu. Bu e’lanı bittə’qib şahi-məğfur vəfat buyurdu. Yerinə Məhəmmədəlilər keçdi. Bu zat da qururun çoxluğundan padşahlıqda əl olmasın gərək deyə məşrutəni geri almaq istədi. Ondandır ki, vətən hali-virani təşkil etdi. Cənab ağa, çox tul oldu bağışlayın. Pərviz xan sözünü qurtarandan sonra Mirzə Rəhim ağa danışmayıb heyran-heyran baxırdı. Nəhayət dil açıb deyirdi: bəh, bəh! İran qəribə mühitlər yetirmədi?! Divanəni qoymuşuq evdə, düşüb çöllərdən divanə axtarırıq. Bu ağız burunda camaat durub zillullahə, qibleyi-aləmə iş öyrədirlər. Vallah bilmirəm bu məşrutə necə şeydir ki, bu ağzı yekələri dəli-divanə edib saldılar camaatın canına. (Pərviz xana) Bala, de görüm məşrutə nədir axır? Sən hardan belə natiq və süxənvər oldun? Pərviz xan sözün qabağını saxlaya bilməyərək bixtiyar danışırdı: Hərkah məşrutəni bilmirsiniz isə, mən sizi başa salım. İdareyi-keyfəmayəşʼa bilirmisiniz? Bu qanuni-əsasi haman idareyi-zalimə və müstəbiddəni ortadan qaldırıb hökumət başında oturan kişilərdən başlamış alçaq mənsəbdə olan mə’murlar da kefləri istədiyi qədər işlər görə bilməyəcəklərdir. Bu zavallı səltənətin hər guşəsində bilafərq bir qanun əsası icra olunacaqdır. Mirzə Rəhim ağa — Bala gedin işinizə! Qardaş, gedin işinizə! Nə məşrutə? Nə qanuni-əsasi? Yazıqsınız, müsəlman olun! Hər kəs getsə öz işinə, müsəlmanları öz ruhanilərinin öhdəsinə buraxsa, millət də qabağa gedər. Nökəri çəkirsiniz ağanın üzünə, adını da qoyursunuz hürriyyətdir, müsavatdır. Mən düz deyirəm, mənim özlüyümdə nə qədər xülqi-həsənə var isə, yenə razı olmaram ki, mənim nökərim Nəcəfəli mən olan məclisdə yerə otursun. O ki, qaldı rəyasətli ə’yanlar, nəcib xanlara, şahzadələr ki, İranın üç hissəsi bu tövr adamlardır, razı olarlar? Başıma dəysin sizin bu hürriyyət, bu müsavatınız. Pərviz xan sözlərə məşğul olub, mə’lum olmayacaq dərəcədə təbəssümkaranə baxıb deyirdi: axund, sizdə olan iste’dadı bildim, daha danışmaq istəmirəm. Lakin Mirzə Rəhim ağa xanın sükutunu məğlubiyyət ədd edərək, deyirdi: hə indi necə gördün qoca əmini? İndiyə kimi molla əlinə düşməyibsiniz. Gedib hər yerdə ki, «Sərfimir», «Nisabi-tərəssül» oxuyan mollalar var, qapıb elə salmısınız. Hər nə demisiniz gözlərini döyüblər, siz də şadlanmısınız ki, biz bilirik. İndi danış görüm nə deyirsən! Pərviz xan — Axund, mənim sükutum məğlubiyyət deyil idi. Bəlkə mən öz vaxtımı boşa vermək istəmədim. Çünki sizi başa salmaq üçün heç olmasa əlli il vaxt lazımdır. Əcəba, məşrutə hansı bəndində hökm edir ki, nökərlər öz vəliyun-ne’mətlərinə ağ olsunlar? Bir də siz cənab nə üçün ağa ilə nökərə təfavüt qoyursunuz? Ağa — nökərin fərqi fəqət libasındadır, adındadır. Məşrutənin müqəddəs qanunları insanı həmişə növ’pərəst və insandust olmağa də’vət edir. Buna cəhət ağa ilə nökərə gərək təfavüt qoymayağ! Bir nökərin libasını fəqir və səfalətini bir mö’təbər və mütəşəxxis ağanın öhdəsinə təhmil eləsən, nökərdən də alçaq olar. Amma bir ağanın libasını fəqir bir nökərə versən ağa olmasa da ağalara oxşar, çünki allah-taala hər kəsi bir hüquq, bir ixtiyarda, bir ə’zada xalq etmişdir. Bir də mən siz cənabə xidmətkaram. Öhdəmə həvalə olunan xidmətləri bitirəndən sonra, yaxşıca ifayi-vəzifə etdikdən sonra, nə eybi vardır ki, mən gəlib məclisin aşağı başında bir saat rahat olum? Siz gecə, altı saat əyləşiniz qalın döşəyin üstündə, qəlyan, çay, müsahib hazır, mən də ayaq üstə übudiyyət əllərim sinəmdə durum sənin qabağında, bunun nə mə’nası vardır? Cənab, indi iyirminci əsrdir; indi hər kəs elm, fünun, sənət, mə’rifət, ticarət, mədəniyyətlə fəxr edir. Nəinki ləqəb, rətq, fətq, basıb kəsməklə. Əcəba, mənim dalımca bazar içində əlli nökər, əlli də molla düşüb getsə, əsnaf da durub hər tərəfdən təzim eləsə, mənim millətimə nə nəf’i vardır, axirətimə nə mənfəət gələcək? Söz yoxdur ki, bunun heç mə’nası yoxdur. Burası vazehdir ki, o tövr nəleyn şaqqıltısı camaatın pullarını cəlb edər. Amma o tövr yığılan pullar yenə dalıca dolanan bekarların və riyakarların, müridlərin qarınlarına dolar. İndi İranda bir quru ləqəb qazanmaq üçün bir növ həngamə qururlar ki, insan şaşıb qalır. Amma başqa millətlər bir fəqirin hüququnu istibdad əlindən qurtarmaq üçün minlərcə qurbanlar verib genə razı olmurlar. Özgə millətlər hürriyyət, müsavat aşiqidir, biz isə ləqəb və nəleynin şaqqıltısının aşiqlərindənik! Bir də sizə mə’lum olsun, bu sözlər hürriyyətə, müsavata bir tə’rif deyil! Çünki siz ağa-nökər söhbəti açdınız, bən də ona görə danışdım. Mirzə Rəhim ağa bu sözlərdə büsbütün e’tidalını pozub əl-ayağını dağıtmışdı, daha nə söyləyəcəyini bilmirdi. Xahi-nəxahi, xub, müsavatı anladım nədir. Hürriyyətə nə deyirsən ki, övrətlərin üzü açıq gəzməsinə əmr edir? Bu da oldu bir hürriyyət, bu da oldu müsəlmanlıq? A kişi bir insaf eləyin! Pərviz xan — Afərin sənə! Afərin sənə! Axund siz nə üçün övrətin üzü açıq gəzməsini hürriyyətdən bilirsiniz? Hürriyyət olan ölkədə gərək iffət-umumiyyə e’lan olunsun. İndiyə qədər kəşfi-hicabın mənʼinə və isməti-nisvanə mütəvəccəh olmayan Belçik milləti nail olduqları hürriyyət sayəsində iffətümumiyyənin e’lanı və isməti-milliyyənin payidar olması başında nə qədər təşəbbüslər etmişlər bilirmisiniz? Axund, insaniyyət və mədəniyyət mə’nasını havi olan bir kəlməni vəhşaniyyətə isnad verməkdə heç allahdan qorxmursan?! Mən daha sizə nə ərz eləyim! Hürriyyət bir qüvvətli əldir ki, uzanıb iyirmi milyon millətin yaxasını əmir Bahadirin və sairlərin qətledici əlindən alacaqdır. Hürriyyət olan mülkdə hər kəs öz hüququna malik olar. Siz cənab da öz vəzifeyi-ruhaniyyənizi bilib, ədalətsiz padşaha, savadsız, mə’rifətsiz vəzirlərə, rüşvətxor məhəlli hakimlərə riya və təməllüq dili açıb, danışa bilməyəcəksiniz. Çünki o vaxt nə o tövr hakimlər qalacaq, nə də riya, təməllüqlə danışan dillər. Hürriyyət olan vətənimizin kəndlərində, mühəssillərində bəd rəftar edə bilməzlər. Cənab... əlməmalik, Ziyvə kəndində iyirmi gündə dörd yüz toyuğu yeyib həzmi-rabedən keçirə bilməz. Çünki bu hürriyyət o tövr tülküniyyət adamların da dişini çəkəcəkdir. Hürriyyət olursa bizim Təbriz dəllalazəni də bu vəziyyətdə qalmaz. Yəni övrət alış-verişi olmayıb, hər kəs sərbəstanə öz övrətinə malik olar. Öz irzi-namusunu mühafizə edər. Hürriyyət olan şəhərdə iyirmi sinnində xoşkil uşaqlar da uşaqbaz hakimlərin qorxusundan evdə məhbus qalmaz. Bir gecə həzrəti-valanın hüzurunda qaldıqdan sonra bir tüksizə dərəcə və nişan vəzifə də verilməz! Cənab, hürriyyət belə işlərə xidmət edəcək, nəinki kəşfi-hicab və təxribi-şəriətə. Mirzə Rəhim ağa daha cavab verə bilməyərək əlləri ilə, barmaqları ilə yavaş-yavaş oynayıb öz özünə deyirdi: Əhsən Pərviz xan. Əlli, ayaqlı firənkiməab olmusan, məni dinim, məni imanım bütün Təbrizdə olan firənkiməablar gərək səndən dərs alsınlar. Evin yıxılmasın, azca qaldın ki, məni yoldan çıxarasan. Allah Hacı Mir Tağının oğlu Seyid Həsənə insaf versin ki, sizin əlinizə məşrutəni ünvan verdi. Amma mən ölüm bu sözlərdən bir neçəsin də get Mirzə Əlixana tə’lim elə! Hərçənd o da tutarlı söhbətlər bilir, amma sənin təzə sözün çoxdur. Amma həkkak başı sənin bu kimi sözlərivi yazıb dəftərinə götürəcəkdir. Bir də sənin bu söhbətin, bu fəsahətin doktorun övrəti Lizanın bərəkətindəndir. Heyif ki, görə bilmədik nə tövr övrətdir. Allah qoysa yaxşı olarsan, hələ cavansan! Təbrizdə əvvəlinci firənkiməab olacaqsan. Evin yıxılmasın, elə bil ki, vaxt ikən sözləri birləyibdir. Pərviz xan nəhayət dərəcədə qızışdığından axundu daha buraxmayaraq deyirdi: Axund, o işlər ki, insanı firənkiməab edir, o hansı işlərdir, buyurun ki, ictinab edək. Mirzə Rəhim ağa — Firənkiməablıq odur ki, tə’amı çəngəl-biçaq ilə sərf edər, vəhalonki əl ilə təam yeməyin nə qədər səvabı vardır. Döşəyi qoyub stul üstündə əyləşər, bir halətdə ki, rəsmi-ədəb əmələ gətirə bilməz. Üsuli-cədid qoymaq istər, bir halətdə ki, xudavəndi-aləm bi’dət qoyanlara lə’nət eləyib. Əyninə əb’a, rida, qurşaq əvəzinə dar və qısa paltar geyər, bu da ki, aşkardır. (Mən təşəbbəhə biqovmin fəhüvə leysə minni). Bunu ki, inkar edə bilməzsən! Xub, hələ yadımdan çıxdı, təzə firənkiməablar saqqalı da dalı tərəfdən qoyurlar. Necə ki, siz qoymusunuz. Pərviz xan özünü saxlaya bilməyərək axundun həmaqətinə təbəssüm edirdi: İndi mən anladım ki, səhv etmişəm və öz vaxtımı itirmişəm. Siz indiyə qədər firənkiməablığı da anlamayıbsınız. Bağışla axund, başağrısı verdim. Mirzə Rəhim ağa burada üslubunu dəyişib dedi: Bala, mən hamıdan yaxşı bilirəm firənkiməablıq nədir. Lakin hamısını açıb deyə bilmərəm, çünki indi Təbrizin firənkiməabı, laməzhəbi hər şəhərdən artıqdır. Adam heç ilə çörəkdən düşür. İndi sənə deyirəm, hərkah xaricdə dərs oxumaq yaxşı isə, bir neçə il də firənglər gəlib Təbrizdə dərs oxusunlar. İrandan nə qədər uşaq ki, xaricə dərsə gedir hamısı laməzhəb olub qayıdırlar. Nə mollanı, nə bəyi, nə də hökuməti hesaba alırlar. Pərviz xan — Axundun dediyinə görə Parisə gedən uşaqlar müstəfirənk olub gəlir, nəinki kafir: Kafir ayrıdır, müstəfirənk ayrı. Mən indi sən ilə danışmağı günahi-kəbirədən ə’dd edirəm. Məni bağışlayınız! Əcəba firənglər gəlib Təbrizdə kimdən dərs alsınlar? Talibiyyə və Hacı Səfərəli mədrəsəsində cib kəsən və adam öldürən əlvatdanmı? Sizdən bu tövr söz çox bəiddir, bir millətin alimliyi iddiasında olan zatə belə bir xəbərsiz söz yaraşarmı? Firənglər gəlib nə oxusunlar? Mirzə Rəhim kamal təhəyyür və təğəyyürlə: bala, bəs Təbrizdə bu qədər alimlər nədir? deyə sual edirdi. Pərviz xan — Ağa, siz alim kimə və nə tövr adama deyirsiniz? Təbrizdə olan mollalar alim deyillər, bəlkə varsa, fəqihdirlər. Alim o kimsədir ki, hamı elmdən xəbəri və hissəsi olsun; bizim Təbrizdə hanı elə molla ki, iki elmi bir yerdə bilsin? Firənglərin nə işləri vardır ki, yüz il beynəlməğ’əd vəz zəkər mübahisə eləsin, gözəl vaxtını itirsin. Bizdə nə vardır ki, özgələrə də hissə verək? Bu sözlər kibr, qürur və bixəbərlikdən başqa bir işə isnad verilməz! Bəli, o vaxtlar ki, ərəblər də maarifcə rövnəqi tam sahibləri idi, o vaxt firənglər dəstə-dəstə gəlib ərəb mədrəsələrində elmü fünun təhsil edirdilər. Tarixdə iyirmi min tələbənin Qərtəbə şəhərində ərəblərdən təhsili-ulum etdiyi isbatla oxunmaqdadır. Bizim o elmlər bir para fəsadçı alimlərin, rənglərin hərəkati-xəbisanəsindən batdı, əcnəbilər bizdən aldıqları elmi saxladılar. Ağa, indi bu sözləri danışmaq əcnəbiləri islama güldürməkdən başqa bir səmər verməz. Mirzə Rəhim ağa daha bir söz tapa bilmirdi danışsın, axırıncı sözü olaraq; bala, mənim sənə yazığım gəlir, cavansan! Deyirəm məzhəbindən, dinindən çıxma! Yoxsa mənim üçün heç zad yoxdur. Mən bir molla babayam gedərəm işimə. Kafir oldun mənə nə, müsəlman oldun mənə nə? Ancaq Rzaqulu xanın qəbri xatirinə sənə rəhmim gəlir. Pərviz xan daha cavab verməyib baxırdı, amma Hacı xan sözə başlayaraq deyirdi: Cənab Axund, füzulluq olmasın, bir ərzim vardır. Qardaşım sübhə kimi söhbət eləsə siz də cavab verəcəksiniz, əsla ayağı bir tərəfə çıxmayacaqdır. Çünki sənin altmış, yetmiş sinnin vardır. Hürriyyət nədir, müsavat nədir, firənkiməablıq nədir bilmiyibsiniz! Təvəqqə edirəm ki. bunları boşlayıb bizim işimizi qurtarasınız. Bu tövr sözlər küdurətdən başqa bir iş gətirməz. Allah özü haqqa müavinət edər. Nə işimiz vardır. Mirzə Rəhim ağa — Bala, gərək kağız parənin içini axtarıb rəhmətlik xanın vəsiyyətnaməsini tapıb əməl edək. Hacı xan — Xub, vəsiyyətnamə heç tapılmadı sonra nə olsun? Mirzə Rəhim ağa — Gərək yazıb Nəcəfdən sual eləmək. Hacı xan — Xub, Nəcəfdən xəbər gələnə qədər biz öz malımıza əl vurmuyaq? Bu vaxt qapı açılıb Qulam xan mütəkəbbiranə daxil olur və mütəkəbbiranə salam verib yuxarı başda əyləşir. Mirzə Rəhim ağa mütəvazianə rədd-salam edərək təarifat və ibarətpərdazlıq xərcə verirdi. Pərviz xan və Hacı xan tə’zimən qalxıb otururlar. Sonra Mirzə Rəhim ağa üzünü Qulam xana tutaraq: Oğlum, səni bəylərbəyi yanında olanda bundan çox görürdüm, indi nə üçün belə kəmiltifat olmusunuz? Qulam xan — Bizim həmişə bəndəçiliyimiz vardır. Lakin ruzkar elə xarab olub ki, adamı dinc qoymurlar. Ancaq bu gün başım ayıldı ki, gəldim, zəhmət çəkib evlərin möhrünü götürüb əlimə tapşırasan. Mirzə Rəhim ağa — İndi xanlar da ondan ötəri gəlibdir, amma gərəkdir vəsiyyətnaməni tapaq, o da ki, qorxuram itmiş olsun. Qulam xan — Xub, xanlara nə dəxli vardır ki, möhürü götürmək istəyirlər? Mirzə Rəhim ağa — Orasını siz özünüz bilərsiniz, amma gərək vəsiyyətnamə tapılsın. Qulam xan — Ağa, haman vəsiyyətnamə bu saat məndədir. Orada yazılıb ki, bu dövlətin hamısı çatsın Mirzə Rəhim ağaya, ağa ondan bir hissəsini götürüb məsləhət bildiyi yerlərə xərcləsin, doqquz hissəsi də mənə yetişəcəkdir, Qulam xan da, varislər gəlib varisəliklərini isbat edəndən sonra haqlarını versin. Mirzə Rəhim ağa — Gərək ki, belə olsun! Çünki mənim də xəyalımda vardır, ancaq axtarıb tapmaq lazımdır. Qulam xan — Başınız üçün bu saat hazırdır, gətirə bilərəm. Sizin öz möhrünüz də üstündədir. Hətta xanın öz möhrü də vardır. Bu sözlərə Pərviz xan, Hacı xan kamali-təəccüblə qulaq verirdilər. Amma Mirzə Rəhim ağa özünə əqəllən iki yüz min tümən dövlətin yetişəcəyini yəqin edib bülbül kimi danışırdı: – Əzizlərim, bu şəriətdir, zarafat deyil! Biz bir neçə müctəhid ki, Təbrizdə varıq, hər kəs olsa təfavüt qoymarıq. Sən oldun, Qulam xan oldu, həzrəti-vəliəhd oldu birdir. Bizə vacibdir şəriəti himayə edək, nəinki bir kəsin tərəfini. Ancaq axşam Qulam xan vəsiyyətnaməni götürsün gəlsin bizə mülahizə edərəm sabah o ki, qanuni-şəriətdir hökm edərəm. Xudanəkərdə şəriətə xəyanət olsa mən qiyamət günü peyğəmbər hüzurunda xəcalətimdən dura bilmərəm. Hacı xan üzünü Qulam xana tutub deyirdi: cənab xan, belə mə’lum olur ki, mənim atam sizin mərhum atanızla şərik imişlər ki, vəsiyyətən əmlakını sizə vermişdir. Qulam xan — Xeyr, şərakət filan yoxdur, amma get səbəbini atandan xəbər al. Bir də mən səninlə tərəf olmağı özümə həqarət hesab edirəm, ar bilirəm. Çünki sən şəriət əhli deyilsən. Hacı xan — Əlbəttə, biz sizə müqabil deyilik! Çünki özünüz pişxidmət, atanız vəliəhdin qatırçıbaşısı. Pərviz xan isə rəngi təğyir tapmış qardaşına deyirdi: Qardaş, gərək insan söhbətində ədəb dairəsindən çıxmasın, heç öylə söz danışmasın ki, birisinin hissiyyat və vicdanına xələl yetirsin; eyb etməz, biz öylə şərir insan deyilik! Şəriət və qanuna müvafiq vəsiyyətnamə çıxarırsa qəbulumuzdur, biz dövləti nə qədər dost tutarsaq, insaniyyəti də o qədər dost tuturuq. Qulam xan rəngi təğyir tapmış Pərviz xana xitabən deyirdi: Pərviz, qoy Hacı nə danışır danışsın, mənə ar deyil! Allah o adama lə’nət eləsin ki, özkənin malında gözü olar. İndiyə kimi mənim adıma bir öylə söz deyən olmayıbdır. Hacı xan — Bəli, küldə eyb vardır, səndə eyb yoxdur. Allah anama insaf versin ki, bizi səninlə məcburən qohum elədi. Qulam xan — Çox da zurnavı kökləmə, qoduğun birisi. Məni aləm tanıyır. Sizin kimi laməzhəb deyiləm! Allaha şükür olsun zatimdə şübhə yoxdur. Çox danışarsınız beş-on da peysərinizə salaram: Hacı xan — Çox da küy basma, mən bilirəm sən nə quşun yumurtasısan. Sən özüvə ziynət verməkdən başqa bir işə yaramazsan. Pərviz xan rəngi qaçmış və açıqlı halda Hacı xana deyirdi: Hacı xan, səndən çox eybdir ki, özüvü pisliyirsən. Qulam xan indi hər tövr adamdırsa indi bizə qohum sayılır. Təvəqqə edirəm ikiniz də ədəb dairəsindən çıxmayasınız. Mirzə Rəhim ağa artıq sülhçüyanə hərəkət edərək deyirdi: bu sözlər lazım deyil! Mal halal Qulam xanın malıdır, ancaq qəllac oğlandır, sizi də naümid eləməz! Böyükxanım da bir ağıllı övrətdir, sabah gələr bizə yerbəyer edərik. Pərviz xan — Ağa, əvvələ budur ki, bizim bura göndərməli anamız yoxdur. Çünki hənuz iddəsi çıxmayıbdır. O həlalikdə siğə ola bilməz! İkincisi, yüz bu tövr dövlət olsa mən qilü-qala razı olmaram, ancaq Qulam xan əvvəldən bizə zülm elədi, təhsildən qoydu. Hacı xan — Qardaş, çox da mülayimətdən iş çıxmaz. Mən bu tövr yalançı vəsiyyətnamələrin bahasına bir şahı vermərəm. Mən bu tövr mollaların möhrünə də ehtiram qoymaram. Özüm gedib möhrü götürüb malıma sahib olaram. Qulam xan xişmnak iki dizi üstə oturub Hacı xana deyirdi: səndə o hünər yoxdur ki, müctəhidin möhrünü bihörmət edəsən. Şəriətin qabağına çıxıb möhrü götürənin atasına od vuraram. Hacı xan atasının adını eşidəndə ağlaya-ağlaya deyirdi: Atamın adını çəkmə! Yoxsa bihörmət olarsan! Qulam xan ayağa qalxıb revolveri çəkib Hacı xana atdı. Gör mən bihörmət olaram, yainki sən? Al gəldi! Sonra Qulam xanı tanıyacaqsan! Tapançanın qurşunu Hacı xanın vətən məhəbbəti ilə malamal olan sinəsindən dəyib o biri tərəfdən çıxmışdı. Hacı xan, ay qardaş, bu zalım məni öldürdü deyə üzü üstə düşüb istirahətkahi-əbədiyyətdə öz atasına yetişmişdi. Pərviz xan isə mərdanə ayağa durarağ, bişərəm, nankor oğlu nankor, mənim qardaşımı öldürdün — deyə çəngələşmək istəyirdi. Qulam xan kənara çəkilib bir qurşun da zavallı Pərviz xana atdı. Pərviz xan da qardaşının biruh cənazəsinə düşüb qardaşına və atasına yetişmək əməlində idi. Mirzə Rəhim ağa da qalxıb eşiyə çıxa-çıxa allah sizə lə’nət eləsin, şəriəti bihörmət elədiz deyirdi. Axşama yarım saat qalmış Rzaqulu xanın ailəsi hər kəs bir guşədə əyləşib. Böyükxanım filkümlə gözünü açıb zamanənin övzaini mülahizə etdiyindən mütənəbbeh olmasa da yavaş-yavaş düşünməkdə idi. Münəvvər xanım da naxoş, isitmənin və mərəzin şiddətindən o tərəf bu tərəfə dönürdü. Kah qapıya, kah da ağuşqalara, ətfi-nəzər edirdi. Öz-özünə deyirdi: Allah, otaq bəxtim kimi qaranlıqladı. Zavallı bədbəxt qardaşlarım gəlmədi. Münəvvər xanım kah da yerindən sərasimə atılıb çırpınırdı, güya o qarabəxt xanıma bir qəmli xəbər yetişmişdi. Hərdənbir anasına deyirdi: ana, ürəyim tez-tez döyünür. Bilmirəm genə bizim başımızda nə vardır. Anası isə qızım, qorxma, heç zad yoxdur, indi qardaşların da gələr! Bu vaxt Qulamhüseyn qapıdan girib ağlaya-ağlaya börkünü götürüb yerə çaldı: Ay xanımlar, durun başınıza qara salın, ağamın qapısı bağlandı, xanların ikisin də müctəhid evində Qulam xan küllələdi. Bu sözləri Böyükxanım eşitdikdə dizlərinə çalıb deyirdi: Ay Qulamhüseyn, dilin lal olsun, nə deyirsən gədə? Ölməyiblər ki? Vay, qapım bağlandı — deyə qəşş eləmişdi. Münəvvər xanım isə atamın qapısı bağlı qaldı — deyə qəşş eləmişdi. Bir azdan sonra Böyükxanım qəşşdən ayılıb başının tüklərini yola-yola müctəhid evinə qaçırdı. Amma məhlə camaatı xanların yaralı bədənlərini nərdiban üstə qoyub evlərinə gətirirdilər. Cənazələr xiyabanda Böyükxanımın qabağında yerə qoyuldu. Bədbəxt əvam Böyükxanım oğlanlarının nə’şini qucaqlayıb qəşş elədi. Pərviz xan və Hacı xanın qana bələşmiş bədənləri, öz evlərinin xiyabanında qoyulmuşdu. Hər tərəfdən bu hadisəni eşidən Təbriz əhalisi cəm olub Rzaqulu xanın həyətində böyük izdiham var idi. Hacı xan ölmüşdü. Lakin Pərviz xanın hənuz bədənində rəməq vardı. Əli ürəyinin başında olaraq deyirdi: Hanı bəs mənim bicarə və bədbəxt anam? Böyükxanımı qəşşdən ayıldıb Pərviz xanın başı üstünə gətirmişdilər. Böyükxanım cənazələrin ortasında üzü üstə düşüb hər qolunu bir oğlunun boynuna salmışdı. Ağlaya-ağlaya deyirdi: oğlanlarım, mən öz-özümə zülm elədim! Özüm bais oldum xanımanımın dağılmağına. Oğlanlarım, məndən allaha şikayət etməyin. Sizin qanalüdə olmağınıza mən bais oldum. Yoxsa siz bu qan dəryası olan İranda qalmazdınız! Böyükxanımın nə başında tük, nə də əynində libas qalmışdı! Bütün yolub cənazələrin üstünə tökmüşdü. Pərviz xan gözlərini açıb, ana, Hacı xan necədir? Razıyam ölməyimə, amma qardaşıma bir iş olmasın! Amma ana, bizdən sonra Münəvvərdən yaxşı mütəvəccəh ol! Ona bizim müsibətimizdə təskinlik ver! Onun yanında çox ağlama! Uşaqdır, bağrı çatlamasın. Məzlumə bacımız kimsəsiz, köməksiz qaldı. Pərviz xanın nökərləri doktor Luinin dalınca getmişdilər. Lakin iş doktorluqdan keçmişdi. Zira Pərviz xanın çikərini küllə dağıtmışdı. Həyatına bir neçə dəqiqə qalanda polis gəlib istintaqa başlamışdı. Pərviz xana «şikayətin kimdəndir? — dedikdə, «şikayətim cəhalətdəndir» — deyə cavab vermişdi. Pərviz xan son nəfəsində gözünü açıb başının üstündə nizam ilən səf çəkib ağlayan məktəb şakirdlərinə: qardaşlar, iranlılar içində nəşri-məarifə çalışın! Qafil durmayın, qardaşlar! deyə bir neçə salavat çevirdikdən sonra gözləri axaraq başı balışdan düşüb atasının və qardaşının müntəzir olan ruhlarına qovuşmuşdu. Lakin Münəvvər xanımdan bir soraq alan yox idi. Fəqət ara-sıra intihar etdiyi camaatın ağzında söylənilirdi. Gün bütün bütünə qürub etmişdi. Ay çıxırdı. Bərraq və saf havada çıxan işıqlı qəmərin donuq işığı Münəvvər xanımın otağını xəfif bir surətdə işıqlandırmışdı. Təzə qəşş aləmindən huşa gələn balaca Münəvvər nazik və titrək əllərini ataraq başının qabağında daraqlayıb iri və qara gözlərini dolandırıb o işıqlara mütəfəkkiranə baxırdı. Hər bir şeyi unutmuşdu. Lakin bir neçə dəqiqə qabaqdakı aləmi dərxatir edərək düşünürdü. Eşikdən ağlamaq, başa vurmaq sədasını eşidib kah-kah tabut, mürdəşir, kəfən, mə’nalı sözlər eşitdiyindən birdən-birə iki qardaş ölümünü düşünmüşdü. Dünyada heç üzü səadətli bir sübhə baxmayan Münəvvər xanım daha bir də sübhü görmək, müstəar bir işığa çıxmağı görmək istəmədiyindən özünü ağlaya-ağlaya imarətin arxasındakı dəryaçanın, hovuzun kənarına salmışdı. Əllərini müztəribanə diz qapaqlarında daraqlayıb heyran-heyran ətrafına baxırdı. Deyəcək bir sözü vardı. Lakin orada heç kəsi görə bilmirdi. Fəqət dəryaçanın üzündə üzən ördəklər atəşi-müsibət içində yanan balaca Münəvvəri öz tərəflərinə də’vət edirdilər. Münəvvərin ruhu qardaşlarının ruhilə pərvaz etmişdi. Lakin dəryaçanın səbirsiz, mürüvvətsiz suyu Münəvvərin barikirani-müsibətinin siqlətindən ərimiş bədənini qərinə çəkərək bir azdan sonra arxası üstə üzə çıxarmışdı. Ördəklərin çırpınmasından dalğa vuran sular Münəvvərin bədəninə hərəkət verirdi. Uzun qara saçları suyun üzünə sərilib dalğalanırdı. Qara buludların arxasından çıxan ay dünyada qara gündən başqa gün görməyən camalını işıqlandırdı. Qolları suyun üzünə açılmış, gözləri də baxırdı, bütün arzu və əməllərinin baştan-başa sönmüş və yarımçıq qalmış olduğunu anladırdı. Münəvvərin bədənini sudan çıxarıb qardaşları ilə bir yerdə Qasımxan qəbristanında, atalarının yanında dəfn etdilər. Əvam və elm oxumayan Böyükxanım da dörd qəbrin ortasında oturub göz yaşı tökürdü. Amma bir tərəfdən də doktor Luinin Parisdə təhsil edən qızı və oğlu ata-analarını görmək üçün Təbrizə gəlmişdilər. Rəsmi-tə’ziyə və sər-səlaməti yerinə gətirmək üçün Böyükxanımın evinə getmək istəyirdilər. Münəvvərin və zavallı qardaşlarının vəfatından doqquz gün keçirdi. Doktorun qızı Olqa xanım, oğlanları müsyö Jorj mərasimi-tə’ziyəti bitirmək üçün analari Liza xanımın məiyyətində Böyükxanımın otağına gəlmişdilər. Doktorun oğlanları Rzaqulu xanın imarətinə baxıb tanımırdılar. Çünki imarət hali-viraniyə üz tutmuş, imarətə baxdıqca insanı matəmi-müsibət qarşılayırdı. İmarətin səhni, xiyabanları tökülüb xarabazara dönmüşdü. Dəryaçada soyuq, qurumuş halda, fəqət Münəvvərin hini-intiharında vəsayasini dinləyən ördəklər dəryaçanın susuz kənarında sıxılıb qalmışdılar. Öz-özlərinə sədalaşır kimi sifarişlərini öz həmdərsi olan Olqa xanıma hekayə edirdilər. İmarətin nizamiləri tökülüb, o şükuhlu imarət bayquş yuvasına bənzəyirdi. Ağuşqaların şüşələri, zamanın sənki-məsacibindən qırılıb tökülmüş, hər tərəfdən insanı müsibət və ələm havası vurur, qəmkin edirdi. Pərviz xan və Hacı xanın nökərləri həyətin bir guşəsində oturub əlləri qoltuqlarında danışırdılar. Ancaq bu sözlər rahat eşidilirdi: görürsünüz bicarə Rzaqulu xanın qapısı necə bağlı qaldı? Görəsən Mirzə Rəhim ağa bu övrətə bir güzəran verəcəkdir? İndi on gündür ki, ocaq yanmayıbdır. Sonra nökərlərin biri, birinə deyirdi: mən çörəkdən keçmirəm, hərkah biz nökərlər də dağılıb getsək, bu bicarə övrət yəqin ki, dəli olar. Otaqların qapıları bir-birinə toxunur, evlərdən qəmkin və ələm sədalar çıxırdı. Ən diqqətlə qulaq verdikdə hərdənbir: «ay, qapımı bağlı qoyan oğlanlarım, durun nökərlərinizə məvacib verin! Durun on gecə ilə yanmayan çırağları bir də yandırın!» sədaları eşidilirdi. Bu vaxt Liza xanım, yanında uşaqları otağa daxil oldular. Rzaqulu xanın əvvəlcə bir tamaşakahi-dilküşa olan otaqlarına tamaşa edirdilər. İndisə nə yerdə fərş, nə də çilçıraqlar, nə də lalələr, nə də avizələr qalmışdı. Taqi-taxçanı toz basmış, ancaq Böyükxanımın ağlamaq səsi otaqlara əksəndaz olub, hər tərəfə qulaq verirdin, «Pərviz xan, Hacı xan, Münəvvər vay» sədası insanı ağladırdı. İmarətin övzayi büsbütün yox dərəcəsində idi, çünki qayırma vəsiyyətnamə ilə Mirzə Rəhim ağa yığıb öz evinə apar mışdı. Qulam xan isə həbsdə idi. Böyükxanım da bir köhnə fərşin üstündə əyləşib qabağında ən qəmkin, ən ələm bir hekayəni işarə edən bir büsat döşənmişdi. Böyükxanım qonaqları görən kimi qüssə və ələmin şiddətindən danışa bilməyərək qarşısındakı büsatın üstünü açıb ağlamaqda idi. Əcəba o büsat nə idi? Oğlanlarının xunalüdə və məktəb libasları. Münəvvər xanımın hamamdan çıxarılıb sandıqda qalan paltosu, şlyapası, başmaqları idi. Böyükxanımın gözü Jorj və Olqa xanıma düşdükdə, gəlin qardaşınızı ziyarət edin, — deyə ağlamağına şiddət vermişdi. Qabaqca Olqa xanım Münəvvərin şlyapasını götürüb bağrına basıb, budur mənim bacımın şlyapası, — deyə ağlayırdı, Jorj isə Pərviz xanın, Hacı xanın libaslarını zəbani-hal olaraq oxşayırdı. Liza xanım isə fransızca olaraq aşağıdakı sözləri deyirdi: Ah xudavənda, cəhalət nə yaman işdir! Məgər bu insafsızların insafı yox idi? Bicarə mənim oğlanlarım nə günah etmişdilər ki, ikisi də bir yerdə xunalüdə oldular? Xudavənda, kaş mən İrana gəlib öz həqiqi övladımdan da istəkli olan övladımın libasını böylə xunalüdə görmiyəydim! Xudavənda, götür mənim İrandan qismətimi. Mən daha bu cəhalət mülkündə tab gətirə bilmirəm. Biz Fransa övrətləri bu qədər məsaibə tab edəcək iste’dadına malik deyiliz! Sonra Liza xanım Böyükxanıma təsəlli verib deyirdi: – Ana, bizi halal elə! Sizin çox çörəyinizi, təamınızı sərf etdik! Boynumuzda haqqınız vardır. Biz bir həftədən sonra İrandan getməliyik. Rzaqulu xandan sonra doktor daha İranda qalmaq istəmir. Doktorun qızı Olqa xanım, Jorj, Böyükxanımı vida etdikdə ağlaya-ağlaya deyirdilər: Ana, biz iranlıların insan qatili olduqlarını Parisdə firənglərə deyirdik, inanmırdılar. İndisə öz həqiqi qardaşlarımızın ölüm xəbərini ağlaya-ağlaya aparırıq. Ana, allah səbr versin, lakin səni bir iş çox yandıracaqdır, çünki sən özün bais oldun qapın bağlı qaldı. Bir həftədən sonra doktor yığışıb Təbrizdən getdi, gedən vaxtda övrəti, övladı və özü əyinlərində səfər libası olaraq Qasımxan qəbristanına gəlib Rzaqulu xanın və övladının qəbirləri üstündə ağladıqdan sonra qayət suzişli surətdə aşağıdakı nitqi İrad edib səfərinə davam etmişdir. Haman nitqi isə mərhum şəhid Səid Səlmasi cənabları İstanbuldan Təbrizə təşrif gətirdikdə Çulfada «Qrand otel» mehmanxanasında olduğu halda çantasından çıxarıb acizlərə lazımi yerində səbt etmək üçün təqdim buyurmuşlar idi. * * * Nitqin surəti Məzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun. Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan! Ey mehmannəvaz! Məni təşvigən İrana gətirdin. İndi isə əcəlin cəfakar hərəkəti bizi müfarigətə məcbur etdiyindən vətənimə gedirəm. Ailəm ilə səni vida üçün gəldimsə də səni ailənizlə bu qəmkin və qaranlıq torpağın içində tapdım. İndi göz yaşları ilə vida edirəm: salamat qalınız deməklə eşikdən olaraq o çürümüş əllərinizə xülusiyyət əlimi uzadıram. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-bedbext-milyoncu İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.