Böyük quruluşda Məmməd Səid Ordubadi (1872–1950) Böyük quruluşda (Səkkiz pərdəli dram əsəri) Əsərdə iştirak edənlər Qəhrəman – gənc mühəndis. Bəhlul – gənc mühəndis. Mürid kişi – qoca müəllim. Vıstavka Nəsir – Fəhlə, köhnə kolxozçu, 50 yaşlarında Portfel Güllü – Staxanovçu qadın, köhnə kolxozçu – Nəsirin sevgilisi. Mirzə Əhməd – qoca mühəndis, Amerikada təcrübə dərsləri keçmiş bir adam, Amerika mədəniyyəti və Amerika texnikasına səcdə edən. Dilbər – gənc mühəndis. Mirzə Teymur – Fransada təcrübə dərsləri keçmiş qoca bir mühəndis. Avropa mədəniyyətinə səcdə edən. Baş mühəndis – Orta yaşlı bir adam, azərbaycanlı deyil. Direktor – orta yaşlı. Raykom katibi – gənc bir adam. Hümmət – həmkarlar şə’bəsi müdiri, gənc. İsmixan – Staxanovçu, köhnə çoban. Katelnikov – gənc mexanik. Firəngiz – gənc oxuyan qız, Qəhrəmanın sevgilisi. Xidmətçi qadın. Sazəndələr. Kolxozçular, kəndli qadınlar, qızlar. Kütlə. * * * Birinci pərdə Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür. Şofer — (Kabinədən düşərək qapını açır) Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün. Qəhrəman — Nə üçün, Sumqayıta yetişdikmi? Şofer — Xeyr, hələ yetişməmişik. Artıq bu maşın gedə bilməz. Dinamo partladı, həm də yolu itirmişik. Bəhlul — (Maşından düşür) Bu nə hadisədir? Nə üçün stansiyada gecələmədik? İqbal bizi bir fələkin qoynunamı sürükləyir? Biz haradayıq? Şofer — Vətəndaş, heç bir həyəcan lazım deyil. Burada kolxozçular vardır. Mən özüm də maşını burada buraxmalı olacağam. Qəhrəman — Nə etməli?! Bir qədər soyuqqanlı olmaq lazımdır. Qapılardan birisi açılır. Mürid kişi əlində fənər dışarı çıxır. Mürid kişi — Oradakılar, kimsiniz? Qəhrəman — Qoca baba, yol adamıyıq, yolu azmışıq, maşınımız da xarab olubdur. Burada gecələmək mümkündürmü? Mürid kişi — Bu nə sözdür? Nə üçün mümkün deyil? Qonağın üzünə qapı bağlanarmı? Bəhlul — Çox razıyıq, qoca baba! Mürid kişi — (gəlib fənəri onların üzünə tutur) Balalarım, indi ki, yolu itirmisiniz, gəlib qonağımız olun, sabah sizi Sumqayıta yola salaram. Bizim kolxozçuların həyatı ilə də tanış olun. Bəhlul — Nə qədər maraqlı hadisə! Mən çoxdan bəri kolxozçuların həyatı ilə maraqlanırdım. Mürid kişi — Hava da bir qədər sərindir. Sizin üçün bir tonqal düzəldim. (Fənəri ağacdan asıb tonqal düzəldir). Gəlib qızının, mən də gedib uşaqlara xəbər verim. Qəhrəman — Lazım deyil. Kolxozçuların rahətini pozmayın, özünüz də gedib rahat olun. Mürid kişi — Yox balalarım, adətimizi poza bilmərik. Ataların sözüdür, qonaq girməyən evə xeyir-bərəkət girməz. (Mürid kişi gedir). Bəhlul — Hava olduqca sərindir. Qəhrəman — Sərin olmasa belə, kimin gözünə yuxu gedə bilər? Bəhlul — Xüsusən kolxozçuların yaşadığı bu mənzərə olduqca şairanədir. Bir də ki, bizim ikimiz də cəbhə həyatı ilə uzun illər yaşamışıq, şükür olsun ki, böyük qələbələrlə məmləkətə qayıtdıq. Qəhrəman — (bir ah çəkərək) Doğrudur qələbə ilə qayıtdım. Lakin həyatımdan qiymətli olan bir cəvahiri itirdim. Bəhlul — Harada? Qəhrəman — O Moskvada musiqi məktəbində oxuyurdu. Xəbərim yoxdur, kim bilir bəlkə də öz qəlbinin qapısını başqa bir sevgiyə açdı. Bu əsnada kolxozçular, kolxozçu qız və qadınlar gəlirlər. Portfel Güllü — Xoş gəlib, səfa gətiribsiniz, gözümüzün üstündə yeriniz var. (Qadınları və qızları səsləyir). Ay qız Xırda xanım, ay qız Göyçə, niyə dayanmısınız? Xalçaları açın, Nazlı xanım su gətir, qonaqlar yıxansın. Ay Güldəstə samovarı hazırla! Vıstavka Nəsir — Ay Tapdıq, çüçələrdən kəs! Əliqulu dayanma, alnı qaşqa şişəyi vur yerə! Qəhrəman — Ay canım, bu nə zəhmətdir? Biz heç də buna razı deyilik. Portfel Güllü — Çoxda ki, siz razı deyilsiniz. Sizi buradan əzizləməmiş yola salsaq bizə nə deyərlər? Oturub bizimlə bir tikə çörək kəsmək günah deyil ki. Nəsir — Ay Cəvahir bacı, niyə durmusan? Sarı inəyi sağsana! Qızxanım bacı, təndiri yandırıb, lavaş hazırla! Nazlı su gətirir, qonaqlar yıxanırlar, qızlar üz dəsmalı gətirir. Bəhlul — Kolxozlarda nə qədər şən və səmimi həyat vardır. Doğrudan da indi mən özümü tamamilə başqa bir aləmdə hiss edirəm. Biz kəndi tanımırıq. Nəsir — Yolu azıb bizim kolxoza gəlməyiniz biz kolxozçular üçün xoşbəxtlik oldu. Nə olar, gəlib bizim həyatımızla da tanış olun. Bu da bir cürə yaşayışdır. Qəhrəman — (Bəhlula) Kolxoz həyatı nə qədər mə’nalı həyatdır. Böyük bir kənd möhtəşəm bir ailə şəklinə girmişdir. Mürid kişi — Bu həyat xüsusən mənim üçün gündən-günə təzə bir qüvvət yaradır. Bunlar məni öz doğma ataları kimi bəsləyirlər. Kaş yüz il ömrüm olaydı, bu əzizlik içində yaşayaydım! Qəhrəman — Qoca baba, sizin bir kəsiniz yoxdurmu? Mürid kişi — Məni bir kərə çar hökumətinin zamanında, bir kərə də müsavat dövründə dağıtdılar. Bəhlul — Nə üçün? Mürid kişi — Balalarım, yaltaqlıq ilə təvazö’karlığın və şərab sərxoşları ilə iqbal sərxoşlarının fərqini qoyan adamlar o dövrdə azad yaşaya bilmirdi. Dilim dinc oturmadı, ailəmi dağıtdılar, özüm də sürgünə göndərildim. Nə isə qonağı kədərləndirmək yaxşı deyil. Süfrə açılır, gəlinlər və qızlar xidmət edir. Mürid kişi — (qonaqlara) Doğrudur, mən köhnə dünyanın müəllimi idim, amma təzə həyatla da bir qədər tanışam. Süfrəyə əyləşənlər bir-birləri ilə tanış olmalıdırlar. Güllü — Mən kolxozun briqadiriyəm. Adıma Portfel Güllü deyərlər. Kolxozçular gülüşürlər. Mürid kişi — Təəccüb etməyin, balalarım! Bu adın başqa bir mə’nası vardır. Kolxozumuzda tənbəllər və özünü portfel dalında gizlədənlər çox idi. Güllü onları tənqid etmək üçün bir rəqs düzəldib, adını Portfel rəqsi qoymuşdu. Nəsir — (irəli gəlib özünü qonaqlara təqdim edir) Mənə də burada Vıstavka Nəsir deyərlər. Güllü xanım da mənim gələcək həyat yoldaşımdır. Mürid kişi — İctimai təşkilatların buraxdığı bütün nişanlar Nəsirin döşündədir. Buna görə də kolxozumuzda adına Vıstavka Nəsir deyirlər. Nəsir döşünü açıb göstərir. Bəhlul — Nə qədər maraqlı kişidir! Mürid kişi — Balalarım, indi deyin görüm, siz kimsiniz və nə iş sahibisiniz? Qəhrəman — Mən də, Bəhlul yoldaş da mühəndisdir. Cəbhədə idik, Sumqayıt şəhərini salmaq və lülə tökən zavodu tikmək üçün bizi bu yerə göndəriblər. Mürid kişi — Deməyinizə görə arzularım yaxınlaşır. Güllü — Mən də, Nəsir də və bizdən başqa çoxları da orada işləmək üçün gedə bilərik. Qəhrəman — Çox məmnuniyyətlə! Hətta Mürid babanı da öz yanıma aparmağa söz verirəm. Mürid kişi — Mən burada doğulmuşam, burada oturanların ata-babalarının müəllimi olmuşam. Sumqayıtda məndən yaşlı adam yoxdur. Bəhlul — Mürid baba, məgər bu yerin adına Sumqayıt deyirlər? Mürid kişi — Eh balalarım, bu gördüyünüz qumlu və daşlı düzlərdən tarixin qanlı dastanlarını oxuya-oxuya yaşamışam. Bu çöllər əfsanələr, dastanlar vətənidir. Qəhrəman — Danış, nurani qoca, danış! Danış sizdən bir şey öyrənək. Mürid kişi — Bir zaman var imiş bizim babalarımız oda sitayiş edərmiş. Haman o gördüyünüz təpədə bir od mə’bədi var idi. O zamanlar hələ iranlılar dilimizə və ərəb isə dinimizə təcavüz etməmişdi. Çünki burada möhkəm qala var idi. Burada Simürg adlı bir qəhrəman yaşayırmış. Bəhlul — Rica edirəm, fikrini ixtisar etmə! Danış gecəmiz xoş keçsin. Mürid kişi — Babalarımız bir-birinin dilindən belə danışırlar. İran padşahı Kəsranın qoşunu Dəmirqapı Dərbəndi almaq üçün əvvəlcə bizim qalanı alıb keçməli idi. İldə bir necə kərə bu yerə böyük qoşun hücum edərmiş. Hücumların hamısında Simürg pəhlivan onları darmadağın edib qaytarardı. Qəhrəman və Bəhlul — (tələsik) Sonra?! Mürid kişi — İndi də bu yerləri qazanda İran sərkərdələrinin məğrur kəllə sümükləri və sınmış silahları yer altından çıxır. Düzlərə baxanda iranlı başından başqa bir şey görmək olmazdı. Axırda Nuşirəvan padişah bizim qalanın adını Cür’ət qalası qoymuşdu. Bəhlul — Hazırda o qaladan bir əsər qalmırmı? Mürid kişi — Onun yerində Çorat kəndi qalır. Uzun illərdən bəri xarabaların üstünə qonan bayquşların səsini eşidirik. Qəhrəman — Kədərlənmə baba! Yaxın zamanda buradan zavodların fit səsləri, tramvayların, dəmir yolların xarıltısını eşidəcəksiniz. Xaraba damların yerində böyük zavodlar, möhtəşəm binalar, kaşanələr tikiləcəkdir. Mürid kişi — Yaradın balalarım! Sizi tərbiyə edən dövlət və hökumətə eşq olsun! Bəhlul — Mürid baba, başladığın söhbəti bitirmədin. Simürg pəhlivanın aqibətindən danışmadın. Mürid kişi — Xalqın arasında ona Simü pəhlivan deyirdilər. O, Səbail padişahının qızı şahzadə Günəşə evlənmiş imiş. Yerlilərin adətinə görə təzə gəlin atəşgədənin ətrafında rəqs etməli imiş. Rəqs əsnasında külək gəlinin başındakı şalı dənizə atmışdı, Simü pəhlivan şalı tutmaq üçün dənizə atılmışdı. Gəlin həmin bu qayanın üstündə durub onu səsləmişdi. Simü qayıt! Simü qayıt! Bəhlul — Nə qədər qəmgin bir dastan. Mürid baba, sonra necə oldu? Mürid kişi — Gəlin pəhlivanın qərq olduğunu görüb özünü dənizə atmışdı. Güllü — Keçmişdə belə bir adət var imiş. Təzə gəlinlər bu qayanın üstündə durub «Simü qayıt! Simü qayıt!» səslərmişlər. Mürid kişi — Vətənimizin bədbəxtliyi həmən ildən başladı. İran padişahının ordusu bu yerlərin daşını daş üstdə qoymadı. Qızlarımızı, gəlinlərimizi qoyun sürüsü kimi sürüb İran saraylarına apardılar. Zənnimcə bəsdir! Sizi kədərləndirdim. Qəhrəman — Mən çox maraqla dinlədim. Fikir etməyin qoca baba! Bu yerlərin xoşbəxt günləri çoxdan başlanıbdır. İndi İran quldurlarının burnunu əzmək üçün milyonlarca Simurq pəhlivanlarımız vardır. Mürid kişi — Ay uşaqlar, patefonları gətirin, çalıb-oynayın, qoy-qonaqlar deməsinlər ki, kolxozçular işləməkdən və yeməkdən başqa bir şey bilmirlər. Patefonları və qarmonları gətirirlər, qızlar və gənclər rəqs edirlər. Bəhlul — Güllü xanım, rica edirəm, portfel rəqsini oynayın. Güllü — Amma bir şərt ilə. Gərək bizi Sumqayıtda işə qoyasınız. Qəhrəman — Söz veririk. Nəsir portfeli götürüb üzünə tutur, Güllü rəqs edərkən portfeli Nəsirdən almağa çalışır, nəhayət, portfeli ondan qapır. Güllü — Üzünü göstər görüm kimsən, axı nə vaxta kimi tənbəl-tənbəl özünü portfel dalında gizlədəcəksən?! Qəhrəman — Maraqlı və mə’nalı rəqsdir. Gəlinlər, qızlar birlikdə rəqs edirlər. Pərdə * * * İkinci pərdə Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır. Dilbər — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. (Fikrə gedir) Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. (Portfelindən telegram çıxarıb baxır). Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» (Başını tutub otağı dolaşır). Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. (Pəncərənin qarşısına gedir və öz-özünə danışır): Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar. Mirzə Əhməd — (əlində portfel daxil olur, portfeli stolun üstünə qoyaraq danışır). Vaxtilə biz də gənc olmuşuq. Böyüklər desəydi ki, qatıq qaradır, nə həddimiz var idi ki, deyək yox, ağdır. Buna görə də iş irəli gedirdi, hörmət, ehtiram da var idi. Amma indi işlər təmamilə tərsinədir. Ağzından süd qoxusu gələn uşaqlar tribunaya çıxıb məruzə oxuyur. Atası-babası yaşında olan adamlara yol göstərir, onları tənqid edir. Dilbər — (başını pəncərəyə söykəyib sakit durur. Mirzə Əhməd ona sual verir) Nə üçün qaş-qabağından qar yağır? Dilbər — (başını qaldırıb deyir) Bu gün həddindən artıq yorğunam. Mirzə Əhməd — Sən fikir yorğunusan. Bilirəm, Qəhrəmandan nigaransan. Dilbər — Əlbəttə ki, ondan nigaranam, onun bizdən başqa kimi vardır ki, qeydinə qalsın. Mirzə Əhməd — O gəlməsəydi daha yaxşı olardı. Artıq ondan zəhləm gedir. Dilbər — Ata! O bizə heç bir yamanlıq etməmişdir. Daima səni ata deyib səsləmiş, hörmətini saxlamış. Mirzə Əhməd — Əməklərim ona haram olsun. Onu qır tiyanlarının altından götürüb böyütdüm. Mən bilirdim ki, o özgəsinin oğludur. Lakin anan məni məcbur etdi. Onu saxlayıb böyütdüm. Dilbər — Ata, sən ona yaxşılıq etmisən, onu hamı bilir, lakin bunu tez-tez onun üzünə çırpmağın mənası yoxdur. Söylə, ata, o sənə nə yamanlıq etdi? Mirzə Əhməd — O çox dikbaşdır. Həm də həddindən artıq vəfasız çıxdı. Altı ilin ərzi-müddətində mənə quru bir məktub belə göndərmədi. İndi gəlir, amma mənə lazım deyildir. Dilbər — Cəbhədə olan adamdan küsmək yaramaz. Cəbhə şəraiti təmamilə başqadır. Mirzə Əhməd — Sən əbəs yerə onu müdafiə edirsən. O cəbhəyə getməmişdən də qabaq sənin onu sevdiyini bilirdim. O isə mənim görmək istəmədiyim bir aktrisanı sevirdi. Dilbər, nəhayət səndə bir avropalı qüruru olsaydı, onun adını belə çəkməzdin. Qulağını aç, eşit, mən səni ona verməyəcəyəm. Dilbər — Hər nə deyirsən ixtiyarın vardır. Lakin cəsarətlə deyirəm ki, Qəhrəman tam mənasilə təzə adamdır. Mədənidir, vüqarlıdır, mən onun xatirini hər kəsdən artıq istəyirəm. Mirzə Əhməd — (acıqlanır, əlini stola vurub qışqırır) Kəs səsini, utanmaz qız! Mən səni Avropa, Amerika mədəniyyəti şəraitində tərbiyə etmişəm. Heç olmasa bir avropalı şərəfinə, bir xırdaca da olsa amerikalı qüruruna malik olmalısan, ya yox? Dilbər — (gəlib atasının başını sığallayır) Əsəbiləşmə ata. De görüm amerikalı qüruru nədən ibarətdir? O qürur amerikalı olmayanlara qarşı iyrənc bir qabalıqdan ibarət deyilmi? Onlar yerli zənciləri nələr etmədilər? De görüm hazırda dünyanı qan çanağına döndərmək istəyənlərdə nə kimi şərəf ola bilər? Mirzə Əhməd — Bəsdir, mənə siyasi dərs vermə! (kənara) Zəmanəyə baxın bir, qızım da mənə siyasi tərbiyə dərsi verir, görün bir mən nə günə qalmışam? Dilbər — Ata, bir fikirləş. Bütün dünya sosializm mədəniyyətinin yüksəlişindən danışdığı zaman, Avropa, Amerika mədəniyyətinə səcdə etməyin nə mə’nası var? Mirzə Əhməd — Sən bu sözləri o yaramaz Qəhrəmandan öyrəndin. O da sənin kimi qabalıq ilə qürurun fərqini qoya bilmirdi. Dilbər — Anam rəhmətlik son nəfəsinə kimi deyirdi ki, atan Amerikaya təcrübə dərslərinə getməzdən əvvəl vüqarlı və mülayim təbiətli bir adam idi. Amerikadan qabalıqdan başqa bir şey gətirmədi. Mirzə Əhməd — Bilmirəm ananla bərabər sən üçün ölmədin? Sənə qəti deyirəm, mənim evimi komsomol iclasına döndərmə! Dil pəhləvanlarısınız, əlinizdən nə gələr? Dilbər — Sənin bütün qüsurun da bursındadır ki, gənclərə bir amerikalı kimi çox ucadan baxırsan. Hər şey və hər üstünlüyü özünəməxsus bilirsən. Mirzə Əhməd — Nə edim? Qız uşağısan, yoxsa bu gün səni evdən qovardım, nə edə bilərəm, namusuma qısılmışam. Dilbər — Belə ki, sən başlamısan, mənim özüm başımı götürüb bir tərəfə getməliyəm. Mənim atam bir sovet mütəxəssisi ola-ola işi-peşəsi Amerika texnikasına, Amerika mədəniyyətinə səcdə etməkdir. Bu mənim üçün ar deyildirmi?! Qapı döyülür, Dilbər qapıya gedir. Mirzə Əhməd — (öz-özünə) Bir mənim qızım deyil, bunların hamısı özünü bir adam hesab edir. Oğul-uşaq yığınçağına düşmədim?! Dilbər, Qəhrəman və Bəhlul ilə bərabər daxil olurlar. Qəhrəman — (gəlib Mirzə Əhmədi qucaqlayıb öpür) Salam mehriban ata! Səni sağ-salamat görməkdən başqa bir arzum yox idi. Mirzə Əhməd — (təvrini dəyişir) Əleykəssalam, otur görüm nə xəbər gətirmisən? Qəhrəman — (Bəhlulu təqdim edir) tanış olun, gənc mühəndis Bəhluldur. Mirzə Əhməd — (tanış olur) Xoş gəlib, səfa gətirmisən. Əyləş oğlum. Qəhrəman — (Dilbərin əlini sıxır) kefin necədir, Dilbər? İşə başlamısınızmı? Dilbər — Xeyr, hələlik torpaq işi gedir. Bəs dünəndən bəri harada idiniz? Qəhrəman — Gecə maşınımız xarab oldu, kolxozçulara qonaq olduq. Onlar bizim üçün təntənəli bir şam yeməyi düzəltdilər. Bəhlul — Mən ömrümdə birinci kərədir ki, bu cürə zəngin və səmimi həyata rast gəlirəm. Qəhrəman — Xüsusən çox qoca bir müəllimin mə’nalı söhbətləri məni həddindən artıq maraqlandırdı. Dilbər — Yəqin ki, o Mürid kişidir. Bizim dostumuzdur. Qəhrəman — Yaşının çoxluğuna baxmayaraq təmamilə təzə adamdır. Mümkün olursa onu buraya gətirəcəyəm. Mirzə Əhməd — Amma mənim barəmdə vəfasızlıq göstərdin. Məni xəstə qoyub getmişdin. Quru bir kağız da göndərmədin. Qəhrəman — Mənim üçün səndən də sevimli adam yoxdur. Mən səni necə unuda bilərdim? Sən mənim həyatımın səbəbisən. Amma düşmənin arxasında çalışdığım üçün məktub göndərmək mümkün olmadı. Mirzə Əhməd — Bunların hamısı keçib gedib. İndi de görüm cəbhə sənin xasiyyətini dəyişdimi? Mən elə bilirəm ki, necə gedibsən elə də qayıtmısan. Qəhrəman — Böyük Vətən müharibəsi cəbhələri mənim şuurumda böyük dəyişiklik yaratdı. Sovet texnikasının üstünlüyünə olan inamım bir daha möhkəm oldu. Qaliblərin çərkəsində döyüşmək mənə böyük bir şərəf qazandırdı. Texnikamızın möcüzələr yaratdığını gözümlə gördüm. Xüsusən sovet adamlarının döyüş qabiliyyəti məni heyran qoydu. Ata, heç bilirsən xalqın içərisindən nə qədər qəhrəmanlar çıxdı! Mirzə Əhməd — Bunların hamısı yerində, de görüm sən nə gətirmisən? Qəhrəman — (meşin çantasını açıb döşündəki nişanları göstərir) Qorxma, ata, mən də əliboş qayıtmamışam. Mirzə Əhməd — Çox gözəl, çox da pakizə (Bəhlula) oğlum, sən harada təhsil görmüsən? Bəhlul — Azərbaycanda ali məktəbi bitirəndən sonra Moskvada təcrübə dərsləri keçmişəm. Mirzə Əhməd — Bizim vaxtımızda təcrübə üçün Amerika və Avropaya gedirdilər. Bəhlul — Sizin vaxtınızda bəlkə də buna ehtiyac var imiş. İndi isə sovet texnikasının sirlərini öyrənmək bir mütəxəssis üçün kifayət edər. Qəhrəman və Dilbər — (birdən) Əlbəttə ki, kifayət edər. Biz bu texnika ilə alman faşizminə qələbə çalmadıqmı? Mirzə Əhməd — (Dilbərə) Sən söhbətə qarışma, yoldan gəliblər, get xidmətçiyə xəbər ver ki, çay və yemək hazırlasın. Baş mühəndis — (daxil olur) Salam Mirzə, sizi təbrik edirəm. Gənc mühəndislərin gəldiyini eşitdim, sizə gözaydınlığı verməyə gəldim. Mirzə Əhməd — Çox razıyam, tanış olun, bu oğlan sizə dediyim Qəhrəmandır. Bu da onun yoldaşı Bəhluldur. Tanış olurlar. Baş mühəndis — Mən bir iş üçün də gəlmişəm, sabah vəzifələri bölüşdürmək istəyirik. Yaxşı olardı ki, Qəhrəman və Bəhlul, eləcədə Dilbər xanım layihələri götürüb tanış olmaq üçün kontora gələydilər. Mirzə Əhməd — Nə eybi vardır, gedib götürüb gəlsinlər. Baş mühəndis — (qalxır) Buyurun gedək. (Gedirlər. Mirzə Əhməd tək qalır). Mirzə Əhməd — Bilmədiyini də gedib öyrənib gəldi. Özündən daha da dili uzununu yanına salıb gətirdi. Bu cürə adamlar ilə nəinki böyük bir zavod tikmək olar, hətta kiçik bir anbar da tikmək mümkün deyildir. Mirzə Teymur — (daxil olur) Sizdən çıxıb gedənlər kim idi? Mirzə Əhməd — Çavan mühəndislərdir, təzə gəliblər. Mirzə Teymur — Genə də çavan mühəndislər? Ay Mirzə, sən özün bir yaxşı düşün, sən Amerikada, mən isə Fransada buna öyrənməmişik axı. Mirzə Əhməd — Doğrudur, bizim nə qədər vaxtımız vardır ki, həm zavodu, böyük bir zavodu tikək, həm də bu oğul-uşağı öyrədək? Bir ömür istəyir. Mirzə Teymur — Özü də mədəni deyillər, (ayaq üstündə durub özünü göstərir). Mənə bir diqqətlə baxın, xalis bir fransıza oxşamıramımı? Mədəni bir adamam, mən bunlar ilə necə uyuşa bilərəm? Mirzə Əhməd — Bütün bacarıqları dillərindədir. Az bir zamanda özlərini rüsvay edəcəklər. Bilmirəm bunları nə üçün buraya yığıblar. Mirzə Teymur — Belə ha, yenə də bir azdan sonra gəlib deyəcəklər ki, bunlardan fayda yoxdur. İşi öz əlinizə alın. Mirzə Əhməd — Bu böyüklükdə işi ancaq Amerika və Avropa görmüş mütəxəssislər yerinə yetirə bilərlər. Mirzə Teymur — O da ki, bizdən ibarətdir; Mirzədən, Teymurdan ibarətdir. Mirzə Əhməd — Əhvalım özümdə deyil, dəniz kənarına çıxmaq istəyirəm. (Gedərkən xidmətçi qadına) Bir azdan sonra qayıdıram. Gedirlər. Dilbər — (daxil olub Mirzə Teymurun dalınca baxır) Əxlaqsızın birisi! Bilmirəm mənim atamın yaxasını nə vaxt buraxacaqdır. (Xidmətçi qadına). Ana, hər şey hazırdırmı? Xidmətçi qadın — Hazırdır qızım. Durna — (tələsik daxil olur. Dilbəri fikirli görüb soruşur). A qız nə var? Səni özündə görmürəm? Qəhrəmanı gözləyirdin o da ki gəldi, daha nəyin fikrini çəkirsən? Dilbər — Doğrudur o gəldi, lakin bir şadlıq gətirmədi. Durna — Ay qız, yoxsa Firəngizlə bərabər gəlib? Dilbər — Yox, Durna, mən bu barədə düşünmürəm. Doğrudur mən onu sevirəm, amma heç bir zaman onun qurmaq istədiyi ailənin pozulmasına razı olmaram. Qoy xoşbəxt yaşasınlar. Məni düşündürən atamın məsələsidir. Durna — Nə məsələsi? Dilbər — Atamın fikri olduqca köhnədir. Qəhrəman isə təzə adamdır. Onun danışıqları atamın qulağı üçün təmamilə yabançıdır. Onlar yola gedə bilməyəcəklər. Durna — Eh Dilbər, mənim vəziyyətim sənin vəziyyətindən daha ağırdır. Ondan da ötəri gəlmişdim Mirzənin yanına. Dilbər — Nədən ötəri ay qız? Durna — Mirzə Teymur yenə də mənim yaxamdan əl götürmür. Bax, gör o utanmaz bu gün göndərdiyi məktubunda nə yazır. (Məktubu Dilbərə verir). Dilbər — (məktubu oxuyur) «Sevgilim Durna! Mən hazıram, sən də hazırlığını gör, ayın ikisində saat xoşdur, ZAQS-a getməliyik. İş başlanandan sonra toya vaxtımız olmaz». Durna — İndi özün söylə, mən hara çıxım qaçım? Hər yetənə də deyir ki, məsələ qurtarıbdır, ancaq rəsmiyyətə salmaq lazımdır. Dilbər — Ay qız, sən harada yaşayırsan? O özünü İrandamı hiss edir? Ona elə bir toy tutaram ki, öz adını yadından çıxardar. Əxlaqsızın birisi, Fransada nə qədər əxlaqsızlıq varsa, yığıb gətirib bizim həyatımıza calamaq istəyir. Durna — Nə edim? Onun əli mənim əlimə toxunmamış, amma onun fantaziyasından xalq elə bilir ki, mən onunla bir qadın kimi yaşayıram. Buradan çıxıb qaçmaqdan da başqa çarəm yoxdur. Dilbər — (onu öpür) Boş-boş danışma! Bu cürə söz komsomolçu bir qıza yaraşarmı? Durna — O məni həyasızlıqla özünə təslim etməyi düşünür. Qapı vurulur, bir azdan sonra Mirzə Teymur daxil olur. Mirzə Teymur — Bonjur madmuazellər! Dilbər — Rica edirəm bizi ələ salma! Bura sənin üçün Paris bulvarı deyil. Öz dilini danış! Mirzə Teymur — Pardon, pardon! Bağışlayın, dilim öyrənibdir. Parisə təcrübə dərslərinə getdiyim zaman fransız dilini elə tez mənimsədim ki, hamı məni xalis bir fransız hesab edirdi. Dilbər — Yalnız fransız dilini yox, orada bir çox şeylər öyrənib gəlmişsən. Mirzə Teymur — (öz qiyafəsini göstərir) Yaxşı baxın bir: fransız aliminə oxşamıramımı? Dilbər — (kənara) Bir sovet adamından başqa hər şeyə bənzəyirsən. Mirzə Teymur — Əcəba mən bir sovet adamı deyiləmmi?! Durna — (məktubu göstərir) Bu nədir? Bir sovet adamı da tanış olmadığı bir qıza böylə bir məktub yaza bilərmi? Sənə kim icazə verir ki, məni ZAQS-a çağırırsan? Sən heç utanmırsanmı, məndən üç kərə yaşlı bir adamsan. Dilbər — Mirzə, zənn edirəm ki, siz bu təşəbbüsdə rüsvayçılıqdan başqa bir şey əldə edə bilməyəcəksiniz. Bu əsnada Qəhrəman və Bəhlul qoltuqlarında layihələr daxil olurlar. Mirzə Teymur — (ayaqlarını çütləşdirib, boynunu qabağa uzadır). İcazə verin tanış olaq. Fransada təcrübə dərsləri keçmiş Mirzə Teymur Xudaverdizadə. (Qəhrəman və Bəhlulun əllərini sıxır). Qəhrəman — (gülümsəyərək) Moskvada təhsilini ikmal etmiş Qəhrəman! Mirzə Teymur — (Dilbərə) mən gedim, yenə də qayıdacağam, Mirzə gələndə ona deyərsiniz. (Məclisə) indi icazənizlə gedə bilərəmmi? Dilbər — (yavaşdan kənara) Gəlməyə də bilərdiniz. Mirzə Teymur — (Durnaya) lütfən məni kontora qədər müşayiət ediniz. Durna — Yollar qorxulu deyildir, özünüz də gedə bilərsiniz. Mirzə Teymur — (gedərkən) Yenə də bir qədər fikirləş, mənsə öz nailiyyətimə inanıram (gedir). Qəhrəman — (onun dalınca baxır) Bu kimdir? Nəçidir? Bu nə qiyafədir? Dilbər — Bu mühəndisdir. Adına fransız Mirzə Teymur deyirlər. Yazıq Durnaya göz verib işıq vermir. Deyir ki, ölsən də, qalsan da gərək səninlə evlənəm. Durna — Yaşından utanmır. Məni bədbəxt etmək istəyir. Bilmirəm kimə müraciət edim, utanıram da. Bəhlul — Bəlkə harada yaşadığını xatırlamır. Qəhrəman — Qiyafəsindən də görünür ki, bir qədər ağlı da çatmır. Durna — Mən burada işləyə bilməyəcəyəm. O məni həyasızlıqla özünə təslim etdirməyə çalışır. Qəhrəman — O sizin gözünüzü də püfləyə bilməz. O yaşlı olsa da tərbiyə edilməsi mümkündür. Bəhlul — (layihələri qoyur, Qəhrəmana deyir) Mən mənzil şö’bəsi müdirinin yanına gedib qayıdım. Direktor mənim üçün otaq verməyə söz verib. Durna — (Bəhlula) O çox utanmaz adamdır, yəqin ki, dışarıda durub məni gözləyir. Buradan çıxan kimi qolumdan tutub məni buraxmayacaqdır. Rica edirəm məni kontora qədər müşayiət edin. Bəhlul — E’tiraz etmirəm. Gedirlər. Dilbər — (Qəhrəmana) Qəhrəman, nə barədə düşünürsən? Bəs Firəngizi nə üçün özünlə bərabər gətirmədin? Qəhrəman — Ondan altı ildir xəbərim yoxdur. Məni düşündürən başqa məsələdir. Görünür ki, atan yenə də köhnə fikirlərini yaşadır. Bu da bizim üçün təəssüf ediləcək bir haldır. Dilbər — Hər nə olur-olsun onu köhnə yolundan qaytarmalıyıq. Sənin də köməyin lazımdır. Onun köhnə fikirləri davam etdirməsi bizim üçün ləkədir. Nəhayət biz partiya üzvüyik ya yox? Qəhrəman — Siz mərkəzi qəzetləri alırsınızmı? Dilbər — Alırıq. Qəhrəman — Sən qəzetləri onun üçün oxu. Avropa-Amerika mədəniyyətinin iç üzü haqqında ona danış. Avropa və Amerikanın demokratlıq pərdəsinə bürünmüş vəhşiliyindən misallar gətir. Dilbər — Nə qəzet, nə kitab qalıb ki, mən onu oxumamış olam? Amerikanın yerli zənciləri kütləvi surətdə məhv etdiyini, ingilislərin Hindistan siyasətini, fransızların Mərakeş və Əlcəzairdəki həyasızlıqlarını tarixi sübutlarla ona oxuyuram. Yenə də həmandır ki, həman. Qəhrəman — Bilmirəm onlar dünyanı yeni-yeni fəlakətlərə sürükləyən Amerika və Avropa qarətçilərindən nə gözləyirlər? Dilbər — Onun böyük nöqsanlarından birisi də budur ki, hazırkı gəncliyi keçmişki gəncliklə ölçür. Bizim qüvvətimizə inanmır. Mirzə Əhməd — (qəfildən daxil olur) İnanmayacağam da, niyə də inanım? Buna haqlıyam. Qüvvəti sözdə deyil, işdə göstərmək lazımdır. İşiniz-peşəniz iclas etməkdir. İxtisasdan artıq sözə əhəmiyyət verirsiniz. Qəhrəman — Doğrudur ata, bizdə sözçülük çoxdur. Lakin həyat və məişət kökündən dəyişibdir. Mehriban ata, təzə dünyada köhnə fikirlər ilə yaşamaq çətindir. Bunu sizə nəsihət üçün demirəm. Mirzə Əhməd — Hər şey dəyişə bilər. Ancaq insan özünü dəyişdirə bilməz. Görün məni bu yaşımda komsomola yazdıra bilərsinizmi? Qəribə adamlarsınız ha. Dilbər — (onu öpür və saçlarını tumarlayır) Ata, bunu səndən tələb edən yoxdur. Amma sən gəncliklə barışmalı və onlarla uyuşmalısan. Sən öz biliyini xalqın səadəti yolunda sərf etməlisən. O zaman hər kəs sənə hörmət bəslər, bizim də başımız uca olar. Sənin böyük bir mütəxəssis olduğunu inkar edən yoxdur. Mirzə Teymur — (tələsik daxil olur) Bu olmadı? Bu cürə işi Avropa mədəniyyətini daşıyan bir adam çəkə bilməz. Bu hadisə mənə qarşı bir sui-qəsddir. Belə işlərin nəticəsində mənim əlimdən xata da çıxa bilər. Mən bir avropalı qüruru ilə intihar da edə bilərəm. İndi bu cür adamlara qoşulub işlə görüm necə işləyəcəksən. Mirzə Əhməd — (təəccüblə) Nə olub axı? Sənə kim sui-qəsd edir? Mirzə Teymur — Hələ indicə gəlib, bütün gəldiyi yarım saat deyil. Mirzə Əhməd — Kimin haqqında danışırsan? Açıq danışa bilməzmisən? Mirzə Teymur — Mən heç də ümid etməzdim ki, Amerika mədəniyyəti daşıyan bir adamın evində mənə, bir fransız tərbiyəsi daşıyan Mirzə Teymura qarşı sui-qəsd düzəltsinlər. Mirzə Əhməd — (acıqlanır və ayağa qalxıb, Mirzə Teymurun çiyinlərindən tutur.) Nə axmaq-axmaq danışırsan? Mənim evimi nə hesab edirsən? Bura quldur yuvasıdır, nədir? Nə sui-qəsd, nə intihar? Mirzə Teymur — Mən buna dözə bilmərəm, yarım saat bundan qabaq gələn gədənin birisi qolunu Durnanın qoluna keçirib getsin, xalq da görüb mənim üstümə gülsün. Mirzə Əhməd — Onların ikisi də gəncdir, burada nə kimi bir sui-qəsd ola bilər? Mirzə Teymur — Bir halda ki, mən Durna ilə evlənmək istəyirəm, gərək sənin qızın Dilbər mənim həyat yoldaşımı Bəhlul ilə tanış etməyəydi. (Özündən çıxır). O, Bəhluldur, nədir? Ona deyin bundan sonra ehtiyatlı dolansın. (Özünü göstərir). Mənə yaxşı baxın, bir fransızla zarafat etmək olmaz! Mirzə Əhməd — Mən qulaqlarıma inanmıram, necə yəni Durna ilə evlənirsən? Otur yerində, xalqı özünə güldürmə! Sən lap xəyalpərəstmişsən ki. Mirzə Teymur — Demək ki, bu işdə sənin də iştirakın vardır. Olsun, mən də öz işimi bilərəm. Mirzə Əhməd — Ağlını başına yığ, getdiyin yol mədəni adam yolu deyildir. Dilbər — Ata, sənə and içirəm, mən bu barədə nə Bəhlul, nə də Durna ilə bir kəlmə də olsa danışmamışam. Qız sənə şikayət etmək üçün gəlmişdi, çünki, qıza məktub göndərib zor ilə ZAQS-a aparmaq istəyirdi. Qızın buna rizası yoxdur. Bu nə məqsəddir? Mirzə Teymur — Əlbəttə, Bəhlul kimi adamlarla qol-qola salandan sonra Mirzə Teymura getməyə razı olmayacaqdır. Bəhlul — (daxil olub eşidir) Nə olub? Nə söhbətdir? Mirzə Teymur — (irəli atılır) Özünü tülküyə vurma, sənin qolun o qızın qolunda nə qayırırdı? Məndə avropalı qüruru vardı ha, mənə yaxşı diqqət ver! (Öz qiyafəsini göstərir). Bəhlul — Bir qədər ədəbli danış. Madamki mədəni bir qız qolunu mənim qoluma keçirir, heç bir zaman mən o qolu rədd edə bilməzdim. Libasını bizə göstərmə, iş libasda deyil, qiymət həman libası geyən adamın varlığındadır. Qəhrəman — Mirzə, məni bağışlayın, siz bir sovet vətəndaşı qürurunu daşımış olsaydınız, bu qədər gülünc bir vəziyyətə düşməzdiniz. Mirzə Teymur — (Mirzə Əhmədə) Mən əvvəl gündən sənə nə dedim? Demədim ki, mənim, sənin kimi mədəni bir adam bu oğul-uşağın içərisində işləyə bilməz? Mirzə Əhməd — Bunlar çox xırda məsələlərdir. Bizi bu məsələlər üçün buraya çağırmamışlar. Ağıllı ol, şəxsi işi vəzifə ilə əlaqələndirmə. Bəhlul — (öz-özünə) Xataya düşmədik?! Mirzə Teymur — (gedərkən) Hələ xataya düşəcəksən, harasıdır! (Gedir). Dilbər — (onun dalınca) Pozğun! Pərdə * * * Üçüncü pərdə Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur. Mirzə Teymur — (Mirzə Əhməd ilə bərabər gəlir) Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır. Mirzə Əhməd — Bunların heç birisi məs’uliyyət hiss etmir. İçlərində sınaqdan çıxmış və təcrübə görmüş adamlar yoxdur. Mirzə Teymur — Belə bir zavodu tikmək üçün illərcə götür-qoy etmək lazımdır. Sözü demək olmur, gətirib Mirzə Teymur kimi bir alim və mütəxəssisi Bəhlul kimi nadürüst adamlar ilə qarşı-qarşıya qoyublar. Mirzə Əhməd — Hökumətin puluna heyfim gəlir, işi yaxşı mütəxəssislərin əlinə tapşırmasalar peşimançılıq çəkəcəklər. Səbir elə görək nə olacaq? Görünür ki, bir qədər tez gəlmişik, çıxıb dışarıda bir qədər təmiz hava alaq. Gedirlər. Durna — (Dilbərlə bərabər daxil olur, divardakı xəritələrə və planlara baxır). Layihələr o qədər aydın və sənətkarçasına düzəldilmişdir ki, baxdığımız zaman zavodun gələcəyi gözümüzün qarşısında durur. Mirzə Teymur orada-burada deyir ki, gənc mühəndislər bir şey bacarmayacaqlar. Amma mən ruhdan düşmürəm. Dilbər — Durna, sən ona əmin ol. Bir gün onun özü deyəcəkdir ki, mən anlamamışam, sovet gəncliyi hər bir şeyi bacarar. Buna baxmayaraq mənim şəxsi vəziyyətim çox ağırdır. Durna — Nə üçün? Yenə nə oldu? Dilbər — Nə olacaq, atam Qəhrəmanı görmək istəmir. Onu açıqdan qovmasa da qaba rəftarı nəticəsində evdən qaçırdı. O artıq bizdə yaşamır. Məni də yola vermir. Durna — Atadır, bir təhər yola verməlisən. Dilbər — Necə yola verim? Onun inadı bizi partiyanın və hökumətin yanında abırdan salar. Qəhrəman e’tibarlı, vüqarlı bir oğlandır. Bütün təqsirlər atamdadır. O istəyir ki, xalq onun köhnə fikirlərinə bəli-bəli desin. Durna — Səni hiss edirəm, Dilbər. Qəhrəman kimi bir oğlanı itirmək asan deyildir. Dilbər — O məndən ötrü çoxdan bəri itmişdir. Sən bilirsən ki, o birisinə bağlıdır. Doğrudur, onu sevirəm, lakin onun həyatını pozmaq tərəfdarı deyiləm. Qoy yaşasınlar, atam da bizim izdivacımızın əleyhinədir. Durna — Mənim də ona yazığım gəlir. Kim bilir onun Firəngizi haradadır? Dilbər — Harada olursa-olsun yenə də onun qəlbindədir. Durna — Sən razı olsan mən onu Moskvadan mərkəzi adres stolu vasitəsilə taparam. Dilbər — Əlbəttə razı olaram, Qəhrəman da yazıqdır. Nə vaxta qədər onu gözləyəcəkdir? Durna — Bu işi mənə tapşır, onu bura gətirməsəm Durna deyiləm. Qəhrəman — (daxil olur) Belə ha, görünür ki, bu zavodun tikintisi sizi hər şeydən çox maraqlandırır. Durna — Əlbəttə ki, maraqlandırır! Bu zavodun tikilişi Azərbaycan gənc mütəxəssisləri üçün imtahan ləvhəsidir. Burada ad-san qazanmaq üçün çox əlverişli şərait vardır. Lakin bizə Mirzə Teymur kimi adamlar əngəl törətmək istəyir. Qəhrəman — Hərgah sənin qəlbində öz xalqına, öz hökumətinə bir az da olsa məhəbbətin varsa, sənin qarşına heç bir kəs çıxa bilməz. Burada olanların hamısı sovet adamlarıdır. Onlara arxalana bilərsən. Dilbər, belə deyilmi? Dilbər — Belədir, amma hər kəsin qarşısında bir çətinlik vardır. Qəhrəman — Sənin qarşında nə kimi bir çətinlik ola bilər? Dilbər — Özün bunu yaxşı bilirsən. Atam ilə sənin aranda olan ixtilaf mənim qanadlarımı qırmırmı? Bu mənim üçün çəkilməz bir dərd deyilmi? Qəhrəman — Doğrudur, onun rəftarı hər kəslə qabadır. Lakin o bizə düşmən deyildir. O bir sovet adamıdır. Bizim vəzifəmiz onu Mirzə Teymurdan ayırmaqdır. Durna — Mirzə Teymur isə düzələsi adam deyildir. Qəhrəman — Yanılma, Durna! O cür adamların başqa bir yolu yoxdur. Ya düzəlməli və ya bu cəmiyyətin sırasından çıxmalıdır. Onun özü də təcrübəli bir mütəxəssisdir. Mütəxəssislər yavaş-yavaş gəlib divardakı xəritələr və planlarla məşğul olurlar. Mirzə Teymur — (köhnə mod fransız libasında daxil olub Durnaya və Dilbərə müraciət edir) Bonjur, madmuazellər! Pardon, yenə unutdum. Salam kiçik xanımlar! Çavab verən olmayır. Qəhrəman — Salam Mirzə kefiniz necədir? Mirzə Teymur — Pardon, sizi görmədim. (gəlib əlini sıxır). Mirzə Əhməd — (daxil olur) Axşamlarınız xeyir! (Qəhrəman onu öz yerində əyləşdirmək üçün qalxır). Otur! Hər kəs öz yerində otursa, hər kəs öz mövqeyini tanısa, iş də irəli gedər, ixtilaf da çıxmaz. Baş mühəndis — (daxil olur) Salam! Zənn edirəm ki, rəhbər yoldaşlar gələnə qədər işimizin əhəmiyyəti barəsində danışaq. Mirzə Teymur — (başını irəli uzadır) Pardon, hansı işin? Baş mühəndis — Başlayacağımız işin. Əziz və möhtərəm mühəndislər biz dördüncü beşillikdə burada bütün Sovet İttifaqında birinci yer tutan lülətökən zavodu və onun ətrafında aləmi nüfuzlu bir şəhər tikməyə başlayırıq. Bu iş üçün əlimizdə olan qüvvə də böyükdür. Mirzə Əhməd — (gözünü divardakı xəritədən çəkib deyir) İşin böyüklüyünə heç bir şübhə ola bilməz. Amma qüvvənin böyüklüyü barədə danışmaq hələ tezdir. Qüvvə saydan ibarət deyil, bacarıqdan ibarətdir. Mirzə Teymur — A barakalla! Mən neçə günlərdən bəri burada olanlara bir avropalı mütəxəssis nöqteyi-nəzərindən baxanda gözümə bir başı pozuq ordu görünür. Belə bir işi heç bir möcüzə təşkil edə bilməz. Mirzə Əhməd — Qısa demiş olsaq, bunlar hələ çox gəncdir. Bunlar böyük işin öhdəsindən gələ bilməzlər. Məsləhət görürəm ki, indidən gələcəyin eydinə qalın. Baş mühəndis — Mən elə bilirəm ki, siz bizim qüvvəmizə bir amerikalı və avropalı nəzərilə deyil, bir sadə mütəxəssisin gözü ilə baxmış olsanız onun dəyərinə inanarsınız. Mirzə Əhməd — Əzizim, Amerika və Avropada belə bir gigantı yaratmaq üçün saçını işdə ağartmış mühəndislər illər uzunu düşünür. Mirzə Teymur — Götür-qoy edir. Mirzə Əhməd — Başını sındırır. Mirzə Teymur — Sonra da yavaş-yavaş işə başlayırlar. Qəhrəman — Yoldaş mühəndis! Bizim nə illər uzunu götür-qoy etməyə vaxtımız var, nə də başımızı sındırmağa hazırlanırıq. Sovet gəncliyi və sovet mütəxəssisinin qarşısında iki məsələ durur. Mirzə Əhməd — (yarım acıqlı) nə məsələ?! Qəhrəman — Əvvəla biz faşist quldurların ölkəmizə vurduğu yaraları sağaltmalı, ikincisi də təzə zavodlar və müəssisələr yaratmaq məcburiyyətindəyik. Buna görə də biz illər uzunu götür-qoy etməyə hazırlaşmırıq. Bəhlul — Belə ha, qoy Amerika və Avropa və onlara səcdə edənlər öz başını sındırsınlar. O arzunu ki, Amerikanın özü daşıyır, keç-tez öz başını sındıracaq. Direktor — (gəlir) Salam yoldaşlar! Kollektivimizə baxanda böyük bir zavod və təzə bir sovet şəhəri gözümün qarşısında canlanır. Mən ümid edirəm ki, bu qüvvə öhdəsinə verilən bu şərəfli vəzifəni vaxtından daha əvvəl yerinə yetirə biləcək. Baş mühəndis — Yoldaş direktor! Burada olanların hamısı layihələrilə tanışdır. Hazırda vəzifələri paylaşdırmaq lazımdır. Mirzə Teymur — Pardon, mənim bir təklifim vardır. Direktor — Buyurun Mirzə! Mirzə Teymur — Layihələrlə tanış olmaq kifayət deyildir. Layihələri həyata keçirəcək adamların keyfiyyəti ilə tanış olmaq lazımdır. Direktor — Nə təklif edirsiniz? Mirzə Teymur — Bu vəzifəni tapşırın mənə. Bir həftəyə qədər burada olanları çürük-çarıq edim. İşə yaramayanları ayırıb geri göndərək. Direktor — Yox Mirzə, adamların keyfiyyətini yalnız işdə öyrənmək olar. Gənc sovet mütəxəssislərinin bacarığı barədə heç bir şübhə ola bilməz. Bunların hamısı sınaqdan çıxmış adamlardır. Mirzə Əhməd — Dövlətin hər qara qəpiyini göz bəbəyimiz kimi qorumalıyıq. Qoyun beş gündən sonra gəlib deməsinlər ki, «işin filan tərəfi xarabdır, gərək sökülüb təzədən qayrılsın». Mirzə Teymur — O zaman mənə deməzlər ki, ay Mirzə Teymur, bunlar təcrübəsiz ililər, bacarmadılar, sən ki, Avropa görmüş bir mütəxəssis idin, nə üçün buna yol verdin? Mirzə Əhməd — (məclisə) Əzizlərim, biz Amerikada belə görməmişik axı. Mirzə Teymur — Mən Avropada belə görməmişəm axı. Baş mühəndis — Elədir, siz Amerika və Avropada belə görməmisiniz. Ona görə də demək lazımdır ki, sovet adamlarını və onların bacarığını Amerika və Avropa ilə müqayisə etmək yanlışdır. Direktor — Qoyun gənc mütəxəssislər də öz fikirlərini desinlər. Qəhrəman — (direktora) İcazə verin! Direktor — Danışın. Qəhrəman — Bu söhbətlərin hamısı yenə də Amerika və Avropada adət olan götür-qoya oxşadı. Sovet mütəxəssislərinə vasvasılıq və istixarəçilik yaramaz. Burada bir bolşevik inadından və bolşevik qətiyyətindən danışmaq lazımdır. Direktor — Doğrudur! Qəhrəman — Biz burada kollektiv iş şəraiti yarada bilsək, qələbəni təmin edə bilərik. Mirzə Teymur — Mənim də dediyim həman kollektiv iş şəraitidir. Onu kimlərlə yaratmaq? Mirzə Əhməd — Diplomunun mürəkkəbi qurumayan dünənki tələbələrlə. Mirzə Teymur — Qələbəni qazandıran şərtlərdən biri də əxlaqdır, mədəniyyətdir. Burada mədəniyyətsiz və əxlaqı pozğun adamlar da vardır. Bir halda ki, xalqın şəxsi işlərinə müdaxilə edənlər vardır, o zaman nə kimi kollektiv şərait ola bilər? Bəhlul — Köhnə və şəxsi fikirləri təzə təşəbbüslərə qarışdırmaqla qələbə qazanılmaz. Azərbaycan gəncliyi bu quruluşda yalqız deyildir. Uraldan, Çelyabinskidən, Leninqrad, Moskva və Ukraynadan da yoldaşlar bizim köməyimizə gəlmişdir. Durna — Qoy Mirzə Teymur əxlaqsız və mədəniyyətsiz dediyi adamların adlarını çəksin. O zaman əxlaq və şüur yoxsulları meydana çıxmış olar. Mirzə Əhməd — Mən Mirzə Teymurun bir çox fikirlərilə razı deyiləm. Burada əxlaqsızlıq adına heç bir şey yoxdur. Burada kustarçılıq vardır. Mən ona tərəfdar deyiləm. Mirzə Teymur — Biz gərək elə bir iş yaradaq ki, hər kəs gəlib baxanda desin ki, buraya Amerika və Avropa mütəxəssisinin əli dəymişdir. Durna — Biz gənc sovet mütəxəssisləri bunun əksini düşünürük. Biz burada elə bir möcüzə yaratmalıyıq ki, hər kəs baxanda desin ki, sovet mütəxəssisləri çoxdan bəri Avropa və Amerika mütəxəssislərini geridə buraxmışlar. Baş mühəndis — Soverşenno pravilno. Bəhlul — Amerika və Avropa mədəniyyətinin üstünlüyünü kor-koranə təbliğ edənlər bilməlidirlər ki, Amerika və Avropa kapitalistləri millətlərin azadlığını məhv etdikləri kimi onların elmi nailiyyətlərini oğurlayıb və mənimsəmişlər. Direktor — Təmamilə doğrudur! Bəhlul — Rus alimlərinin elektrik şuasına dair ixtirasını, buxar makinəsi, radio aparatı ixtirasını və sairələri özlərinə çıxan amerikalılar və avropalılar deyildirmi? Qəhrəman — (direktora) Zənn edirəm ki, bu mövzular üzərində danışmaq artıqdır. Amerika, Avropa mədəniyyəti artıq öz-özünü ifşa etmiş. Əsas məsələmizə keçsək yaxşı olar. Raykom katibi — (gəlir) Salam yoldaşlar! Məsələ nə yerdədir? Mən Mirzə Teymur və Mirzə Əhməd mühəndislərin fikirləri ilə razılaşmıram. Eşitdiyimə görə onlar yenə də Amerika və Avropa mədəniyyətinin üstünlüyü məsələsini aralığa atıblar. Mirzə Teymur — Pardon! Sizə doğru mə’lumat verməyiblər. Mən deyirəm ki, Amerika və Avropada bu cür böyük tikintilərə gənc və təcrübəsiz mütəxəssisləri buraxmazlar. Katib — Möhtərəm mühəndis, hazırda amerikalılar öz üstünlüklərini xalqlara inandırmaq üçün milyonlarca dollar sərf edirlər. Bizim yoldaşlarımız isə kor-koranə onların məqsədlərinə kömək edirlər. Mirzə Əhməd — Aralığa atdığımız fikirlər işin xatirəsinədir. Çünki bizim qarşımızda duranlar bu böyük işin öhdəsindən gələ bilməyəcəklər. Katib — Bu da zərərli fikirdir. Doğrudur, bir zaman bir layihəni düzəltdirmək üçün Amerika və Avropaya çamadan dolusu dollar göndərirdik. İndi isə sovet alimləri və sovet mütəxəssisləri hər şeyi yarada bilir. Hətta Amerika və Avropadan daha keyfiyyətli yaradırlar. Direktor — Mirzə Teymur və Mirzə Əhməd təcrübəli mütəxəssislər olduğu üçün bura çağırılıblar. Qoy öz təcrübələri ilə gənc mütəxəssislərə kömək etsinlər. Mirzə Əhməd — Dedikləriniz bir həqiqətdir. Lakin vəzifə ağır vəzifədir. Mən şəxsən hökumətin yanında başı aşağı olmaq və utanmaq istəmirəm. Mirzə Teymur — Məsuliyyət daşımamaq şərtilə bir mühəndis kimi işləməyə sözüm yoxdur. Çünki bu ağır işi təşkil etmək mənim üçün mümkün deyildir. Baş mühəndis — Burada bir qorxu yoxdur, işin təşkilini öz rəhbərliyim altında gənc mühəndislərə tapşırıram. Onların içərisində bacarıqlı adamlar az deyildir. Direktor — Kimləri özünə köməkçi götürürsən? Baş mühəndis — Qəhrəman başda olmaq üzrə Bəhlul, Durna və Dilbəri təklif edirəm. Direktor — (Qəhrəmana və sairlərinə) sözünüz nədir? Bu vəzifə sizin üçün ağır deyildir ki? Qəhrəman — Biz partiya və hökumətin bir soldatıyıq. Vəzifə ağır olsa da, çətin olsa da ifa etməyə hazıram. Rus yoldaşlardan Pavliçev, Tafilov və Fedoroviç yoldaşları da təklif edirəm. Direktor — Namizədlər olduqca dəyərli namizədlərdir. Baş mühəndis — İclas bununla bitir. Qəhrəman yoldaş vəzifə tapşırılmış yoldaşların cədvəlini sabah tezdən direktorluğa təqdim etməlidir. Hamı qalxıb, mühəndislərin əlini sıxıb gedirlər. Durna — (sevinə-sevinə Qəhrəmanın əlini sıxır) Sənə müvəffəqiyyətlər diləyirəm. Nə qədər qüvvətim və biliyim varsa sənə kömək etməyə hazıram. Bəhlul — (Dilbərə) Get Qəhrəmanın əlini sıx. Dilbər — (gülümsəyir) Bu əlin ondan ötrü nə əhəmiyyəti var? Bəhlul — Dilbər, bilirəm nəyə işarə edirsən, Qəhrəmanın iş barəsində sükut etməsi ümumi işə zərərdir. Sən Qəhrəmanla atan arasında baş verən ixtilafa əhəmiyyət vermə! Qəhrəman — Dilbər, yaxşı fikirləş, atanın və ya başqalarının yanlış fikirlərinə qarşı sükut etmək biz kommunist və komsomolçulara yaraşarmı? Özün düşün, sonra partiya və hökumət bizə nə deyər? Dilbər — Mən bunları anlamırammı? Nə edim, atadır. Sənin nəsihətlərin onun acığına gəlir, əsəbiləşir, sən bir qədər dilini saxla. Qəhrəman — Dilbər, sənə yalvarıram, şəxsi işləri bir yerli burax, qoy özümüzə göstərilən e’timadı doğruldaq. Bu quruluşdan üzü qara qayıtmaq bizim üçün mənəvi ölümdür. Sözün nədir? Dilbər — Nə qədər bacarığım vardırsa səninlə işləyəcəyəm, ancaq sən inadkarsan, atamı mənim acığıma tənqid edirsən, çünki məni görmək istəmirsən. Qəhrəman — Dilbər, xəyalın nədir? Mən buradan çıxıb gedimmi?! (Qəhrəman gedərkən) Dilbər — (onun dalınca) Yox, getmə! (Ağlayıb başını Durnanın çiyninə qoyur). Pərdə * * * Dördüncü pərdə Konturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər. Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər. Mirzə Teymur — Dünya bir-birinə qarışıbdır. Heç bir kəs nə iş görəcəyini bilmir. Bir nəfər də olsa əmrə tabe deyil, biyabırçılıqdır. Təşkilat barəsində düşünən yox, partlayacaqlar, bircə həftə vaxt qoyuram. Mirzə Əhməd — Bacarıq yoxdur, yox! Burada böyük bir işçi ordusu var. Amma idarəçisi yoxdur. Ay canım, Amerikada belə deyil axı, orada milyonlarca fəhlə bir saat mexanizmi kimi işləyir. Yox, təşkil edə bilməyəcəklər. Mirzə Teymur — Təşkilatı kim yaratsın? Bəhlul ilə Durna kimi əxlaqı pozğunlarmı? Təzə xəbəri eşitməmisənmi? Mirzə Əhməd — Nə xəbər?! Mirzə Teymur — Dünən Bəhlul ilə Durnanı dəniz kənarında görüblər. Rüsvayçılıqdır. Bu gün iş üstündə hər kəs bu əxlaqsızların barəsində danışırdı. Mirzə Əhməd — Bu məsələlər xırda məsələlərdir. İşin barəsində danışsan heç bir kəs səni tənqid etməz. Mirzə Teymur — Sən əbəs yerə o cür adamlara evə girməyə icazə verirsən, axırda sənin qızını da pis yola çəkə bilərlər. Mirzə Əhməd — Eh, nə qoyub nə axtarırsan. Qız heç mənim sözümə baxırmı? O da Qəhrəmana qoşulub məni tənqid edir. Dünən gecə az qala evdən qovmuşdum. Hər nə qədər çalışıramsa qızı Qəhrəmandan ayıra bilmirəm. Mirzə Teymur — O barədə mən işə başlamışam. Moskvada mərkəzi adres stolu vasitəsilə Qəhrəmanın Firəngizinin yerini öyrənmişəm. Onu buraya gətirəcəyəm. Gələn kimi də Qəhrəman ilə Dilbər arasında düşmənçilik başlayacaq. Mirzə Əhməd — Heç də inana bilmirəm. Hərgah belə bir iş varsa, heç kəsə bildirmə! Mirzə Teymur — Budur adresi də qoynumdadır. Xatircəm ol, bu qruppanı dağıdacağam. Gəl gedək beləsinə, sənə deməli ən gizlin bir sözüm vardır. Buradakı başıpozuqluq barədə mərkəzə bir adsız məktub düzəltmişəm. Mirzə Əhməd — Bu barədə düşünmək lazımdır. Sən əvvəlcə çalış Qəhrəmanın aktrisasını bura gətir. Onu gətirə bilsən Qəhrəman da başını itirər. Mirzə Teymur — Mənə Mirzə Teymur deyərlər. Bizim kimi adamlar burada dura-dura bu böyüklükdə işi ağızlarından süd qoxusu kəsilməmiş uşaqlara tapşırsınlar?! Mirzə Əhməd — Sənin bacarığına inanıram. Amma səni hörmətdən salan bir şey varsa, o da Durna məsələsidir. Sən onun yaxasını burax, bu iş baş tutan işə bənzəmir. Mirzə Teymur — Başlanmış işi qurtarmaq lazımdır (gedirlər). Durna — (əlində portfel gəlir, portfeli stolun üstünə qoyaraq dərin bir nəfəs alır) Yenə də deyirlər ki, biz bu işi təşkil edə bilməyəcəyik. Qoy desinlər, köhnə və çürük fikirlər ilə bu axının qarşısını ala bilməzlər. (Uzunboğaz çəkmələrini və gimnastyorkasını təmizləyir) Lakin Mirzə Teymurun böhtanları məni incidir, qanadlarımı qırır, nəticədə Bəhlul kimi mədəni bir oğlandan uzaq gəzməyə məcbur oluram. O nə qədər səmimi və mədəni bir oğlandır. O cür oğlanı sevməmək mümkündürmü? Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə ki, mümkün deyil! De görüm o oğlan kimdir? Durna — Lap ürəyim düşdü, mən heç bir zaman belə diksinməmişdim. Bəhlul — De görüm o oğlan kimdir? Nə üçün gizlədirsən? Durna — Sən çoxdanmı buradasan? Bəhlul — Sən o sözləri danışmağa başlayan dəqiqədən buradayam. Durna — (başını aşağı salıb utanır) Qəhrəmanın barəsində danışırdım. Dilbər haqlı deyildir. Bəhlul — (gəlib onun əlini sıxır) Amma doğru demədin ha... Durna — Doğrusu o qədər yorğunam ki, nə danışdığımı, belə, bilmirəm. Bəhlul — Boy, nə tez yoruldun? Durna — Yorğunluğum fiziki yorğunluq deyil, fikir yorğunluğudur. Bəhlul — Sənin nə kimi fikirlərin ola bilər? Şadlanmalısan, işi təşkil etmişik, hər iş yerindədir, sağlam bir kollektiv düzəltmişik. Durna — İş barəsində fikrim yoxdur. O nə qədər çətin olsa da su kimi içə bilərəm. Məni düşündürən Mirzə Teymurun böhtanlarıdır. Dünən bizim hava almaq üçün dəniz kənarına getdiyimizi bir dastan qayırıb, bizə əxlaqı pozğun deyir, bu gün hamıya xəbər vermişdir. Bəhlul — Əhəmiyyət vermə! Dəniz kənarında bizdən başqa yüzlərcə adam var idi. Durna — (boğazı tutqun bir halda) Necə əhəmiyyət vermə? Bu xəbər bizim ailəmizə çatsa mən yaxamı qurtara bilərəmmi? Bəhlul — Səbr elə, Durna. O cür adamlar çox yazıq adamlardır. Köhnə şüurla dolu olan başlar özlərini düzəltməli, yainki cərgədən çıxmalıdırlar. Durna — Arıma gəlməsəydi, ərizə verib başqa bir işə gedərdim. Bəhlul — Başqa tərəfdən də düşünəndə görürəm ki, o sovet düşməni deyil, onu düzəltmək mümkündür. Sevgi məsələsinə gəldikdə o da şəxsi işdir, o, hissi ondan almaq mümkün deyil. Madamki sən onu sevmirsən, o səni məcbur edə bilməz. Qəhrəman — (şad bir surətdə gəlir) Salam uşaqlar! Deyin görüm sahənizdə gedən işlər nə vəziyyətdədir? Bəhlul — Əleykümsəlam! İşlər ümidverici bir surətdə davam edir. Qəhrəman — A qız nə var? Səni özündə görmürəm, gözlərin nə üçün qızarıb?! Durna — Mirzə Teymurun əlindən buradan çıxıb qaçmaq istəyirəm. (Ağlayır). Qəhrəman — Eyibdir, sən bir partiyalısan. O sənə nə edə bilər? Bu gün gəlib direktorla danışırdı. O ki, lazımdır qızardıb yola saldıq. Bəhlul — Qırx il bundan qabaqkı tələbəlik zamanları yadına düşübdür. Gülürlər. Qəhrəman — Yoldaşlar, sizə bir tapşırığım vardır. Şüar birdir, bunu hər kəs özünə rəhbər tutmalıdır. Lülətəkən zavodu vaxtından əvvəl qurtarmaq üçün mexaniki, dülgərlik, xarratlıq və tə’miredici sexləri vaxtından əvvəl qurtarmaq lazımdır. Bəhlul — Məsələ aydındır. Durna — Buna görə də mən yaşayış mənzillərinin tez tikilməsinə çalışmalıyam. Qəhrəman — Belə ha bacım. Bura Azərbaycanın hər tərəfindən minlərlə qadın və kişi işləməyə gəlmişdir. Hər şeydən əvvəl onları mənzil barəsində tə’min etməliyik. Bəhlul — Burası şübhəsizdir, əmma... Qəhrəman — Necə əmma? Bunun bir əmması yoxdur ki... Bəhlul — Sən bilirsən ki, bizi başıpozuq adlandırırlar. Qəhrəman — Bəzən partizanlıq da lazımdır. Durna — Bizim sosializm yarışı düzəltməyimiz həmkarlar şöbəsi müdiri Hümmətin də acığına gəlibdir. İşi-peşəsi Mirzə Teymur ilə burunlaşmaqdır. Bizim məsələmizi partiya komitəsində qoymaq istəyirlər. Qəhrəman — (gəlib onların saçlarını sığallayır) Mətanətli olun, mənim əzizlərim! Mən özüm həmkarlar şöbəsi müdiri Hümmətin fəaliyyətsizliyi barədə məsələ qoymuşam, çünki fəhlələrin arasında siyasi və ictimai tərbiyə işləri aparılmır. Durna — Bəs Mirzə Teymurun məsələsini harda qoymaq lazımdır? Qəhrəman — Onda quru bir lovğalıqdan başqa heç bir şey yoxdur. Demoqoqdur, lovğalıq onun silahıdır. Mənə inanın, o düzələcəkdir. İndi də işdən danışaq. Sən gedib bu gün görülən işin yekununu gətir. Sosializm yarışı müqaviləsinə yazılanları da götürüb gəl. Durna getmək istərkən Dilbər gəlir. Dilbər — Durna, dayan bərabər gedək. Qəhrəman — Dilbər, nə olub? Yenə qaşlarının arasından ildırımlar çaxır? Dilbər — İki qılıncın arasında qalmışam, nə atamı ata bilirəm, nə də işi, nəhayət evdən çıxıb Durnanın yanına yığışmağı qərara aldım. Qəhrəman — Mən ona razı deyiləm, bu cəza onun üçün çox ağır olar. Dilbər — Nə edim, iş hesabına güzəştə gedə bilmərəm ki? Qəhrəman — Elədir Dilbər. Onlar yenə də Amerika və Avropada belə deyil deyə o köhnə fikirlərini gənc işçilərin və fəhlələrin arasına yaymaq istəyirlər. Dilbər — Onlar bununla bir şey bacarmazlar, kütlə üzünü bizə, arxasını isə onlara çevirmişdir. Bu da onlar üçün çox ağırdır. Qəhrəman — Mənə də ümid verən budur. Durma Dilbər, get sosializm yarışı müqavilələrini götürüb gəl. Bəhlul — Mən də görülən işlər barəsində məlumatı alıb gəlim. (gedərkən) Sən buradasanmı? Qəhrəman — Mexaniki sexin binasına baxıb qayıdıram. Hamı gedir səhnə boş qalır. Mirzə Teymur — (gəlib Durnanın dalınca baxır) Dinəndə yandı dilim, dinməyəndə dil yandı, Nə eşqi gizlədə bildim, nə aşikar elədim. Bu nataraz oğlu Bəhlul gəlməsəydi, qızı utandırıb və qorxudub alacağdım. Bu işlərdə xuliqanlıq da böyük iş görə bilər. Mirzə Əhməd — (gəlir) Mirzə Teymur, kim ilə danışırsan? Mirzə Teymur — Bu işlər barəsində danışıram. Burada olanların hamısı xəstədir. Ən sadə fəhlədən başlamış böyük bir mütəxəssisə kimi hər kəsə rast gəlirsən deyir ki, mexaniki sexi vaxtından qabaq qurtarmaq lazımdır. Mirzə Əhməd — Ayıq ikən desələr, yenə bir təhəri vardır. Bizim ölmüş qız, yuxusunda da danışarkən deyir ki, mexaniki sexləri vaxtından qabaq istismara verməliyik. Gülürlər. Mirzə Teymur — Amma mən deyirəm ki, bu iş nə vaxtından əvvəl deyil, vaxtından sonra da qurtarmayacaqdır. Mənə fransız Mirzə Teymur deyərlər! Adamların üzünə baxan kimi bilərəm nə quşun yumurtasıdır. Mirzə Əhməd — Hay-küyçüdürlər, atılıb-düşmələrinə baxma. Vıstavka Nəsir — (znaçoklarını silə-silə gəlir) Qəhrəman necə deyirsə, gərək elə də olsun. Qabıqdan çıxmalı olsaq da, mexaniki sexi vaxtından qabaq bitirməliyik. Mirzə Teymur — (Mirzə Əhmədə) Buyurun, bu da xəstələnmişdir. Sovetlər İttifaqında nə qədər znaçok çıxıbdır, hamısını bunun döşündə görmək olar. Bu mexaniki sexi vaxtından qabaq qurtaracaq! Mirzə Əhməd — (gülür) Buna görə də adına Vıstavka Nəsir deyirlər. Nəsir — (znaçoklarını təmizləyir) Eybi yoxdur, özüm də, znaçoklarım da Qəhrəmanın bir şirin dilinə qurbandır. Mirzə Teymur — İndi ki mexaniki sexi vaxtından əvvəl qurtarmaq istəyirsən get özünə bir qab tikdir. Yoxsa znaçokların xarab olar. Nəsir — İstehzanı burax, znaçoklarım xarab olsa da başım xarab deyil. Ağzını açan kimi haranı nişan aldığını bilirəm. Mirzə Əhməd — Ağıllı ol, nə məsxərəbazlıqdır. Nəsir — Eşit! İki il aqronomların atlarına baxmışam, üç il yer ölçənlərin şeylərini gəzdirmişəm, üç il ispolkomda çalışmışam. Son zamanlar kolxozda çalışıram. Hamısından da kağızım vardır. Sağlıq olsa Nəsiri burada da qabaqcıl görəcəksən. Güllü bir dəstə qadın işçilərilə gəlib otururlar. Güllü — (qadınlara) Bax sizə deyirəm, dəridən çıxsaq da gərək Qəhrəmanı bə’zi adamların yanında xəcalət qoymayaq. Mexaniki sex vaxtından qabaq qurtarmalıdır. Mirzə Teymur — (Mirzə Əhmədə) Görürsən ki, elə bil hamısına iynə vurublar. Mirzə Əhməd — Təəccüb edirəm. Bunların hamısını makinələşdiriblər. Güllü — Nə makinə? Mirzə Əhməd — Eh yazıqlar, siz dünyada nə görübsünüz?! Amerikada makinələşməmiş heç bir şey yoxdur. Geyinib soyunmaq üçün makinə... Mirzə Teymur — Çimmək üçün makinə... Mirzə Əhməd — İnsanı yedirmək üçün makinə... Mirzə Teymur — Yatırdıb oyatmaq üçün makinə... Mirzə Əhməd — İnsanın gələcəyini xəbər vermək üçün makinə... Bu əsnada Güllü burnunu silir. Nəsir — Mirzə, nə olar? Yazın Güllü üçün bir burun silən makinə göndərsinlər. Hamı gülür. İsmixan — (bir dəstə işçi ilə gəlir, Mirzə Teymura müraciət edir) Bu gün sosializm yarışı müqavilələri imza ediləcək, ya yox? Mirzə Teymur — Mən bilmirəm, onu mühəndis Nəsirdən xəbər al. Nəsir — Bəli, fəaliyyətli fəhlə olmaq bacarıqsız mühəndis olmaqdan yaxşıdır. Güllü — Bəli, İsmixan yoldaş, müqavilələr imza olunacaqdır. Qəhrəman — (gəlir, fəhlələri görür və sevinir) Xoş gördük yoldaşlar. Bu saat məsələmizə başlayırıq. (Mirzə Teymura) Axşamınız xeyir, nə olub çox yorğun görünürsünüz? Mirzə Teymur — Necə yorğun olmayım, hər kəsə yetişirsən deyir ki, «gərək sex vaxtından qabaq qurtarsın», bu biri tərəfdən də baxıb görürəm ki, iş böyük, başlar isə olduqca kiçik. Qəhrəman — (gülür) Doğrudur, hər kəs bu sözü təkrar edir, bu isə fikir birliyindən doğur. O ki, qaldı başlarımıza, o da siz düşünən qədər kiçik deyildir. Çünki bu başlar bolşevik tərbiyəsinin məhsuludur. Mirzə Teymur — Nə edim? Məni anlamaq üçün bir avropalı şüuru lazımdır. Qəhrəman — Sizi geri qoyan da həmən şüurdur. Yaxşı düşünün, hazırda o şüuru daşıyan Avropanın özü nə gündədir. Orada böhranlardan, çəkişmələrdən, xalqların azadlığına hücum etməkdən, aclıqdan, fəlakətdən başqa nə vardır? Mirzə Teymur — Mən öz xalqımın və öz hökumətimin dostuyam. Buna görə də sizin bura yığdığınız fəhlələr məni qənaətləndirmir, bunları Avropa fəhləsi ilə müqayisə edəndə tüklərim qabarır. Qəhrəman — Çünki müqayisə yanlışdır. Mirzə Teymur — Necə yanlışdır? Qəhrəman — Əlbəttə yanlışdır. Kapitalistlər üçün çalışan Avropa fəhləsini sovet müəssisəsində çalışan fəhlə ilə müqayisə etmək mümkündürmü? Mirzə Əhməd — Mirzə Teymurun bu müqayisəsi yanlışdır. Mən də təsdiq edirəm. Qəhrəman — (İsmixanı aralığa çəkir) Bu yoldaş azərbaycanlı bir çobandır. Normasını 170 faiz doldurmuşdur. İsmixan — (fəhlələri göstərir) Bu yoldaşlar hamısı mənimlə bərabər çalışırlar. Hamısı staxanovçudurlar. Qəhrəman — (səsləyir) Yoldaş Katelnikov, yoldaş Straşnov! Ayağa qalxın! Normalarınızı neçə faiz doldurmusunuz? Katelnikov — Yoldaş Qəhrəman, normanı 250 faiz yerinə yetirmişəm, söz birdir, sex vaxtından qabaq qurtarmalıdır. Straşnov — Normanı iki yüz əlli ilə üç yüz arasında doldururam. Bu gün bütün mexanikləri yarışa çağırıram. Qəhrəman — Bax, bunun üçün deyirəm ki, müqayisəniz yanlışdır. Sizin istehzaya qoyduğunuz Güllü ilə Nəsiri eşidin! Nəsir — Normanı 140 faiz doldurmuşam. Güllü — Yanımda oturan qadınların hamısı staxanovçulardır, yoldaş Qəhrəman, əmin ola bilərsən. İş vaxtından qabaq qurtaracaqdır. Qəhrəman — (Mirzə Teymura) Mən bunlara arxalanıram. Siz kimə arxalanırsınız? Baş mühəndis — (gəlir) Yoldaş Qəhrəman, şadlığımdan qabığıma yerləşmirəm, qələbəyə olan ümidlərim gündən-günə artır. Deyin görüm nə mübahisədir? Qəhrəman — Şübhələri dağıtmaq üçün mübahisə özü də yaxşı silahdır. Baş mühəndis — Bu yoldaşları nə üçün bura yığıbsınız? Qəhrəman — Sosializm yarışına girmək üçün qruplar bir-birilə müqavilə bağlayacaqlar. Durna — (Dilbərlə bərabər gəlir) Yaşayış binalarında gedən işlərin yekununu gətirmişəm. Qələbə gözümün qarşısındadır. Mirzə Teymur — Qələbədən danışmaq hələ çox tezdir. Hələ aldığın diplomun mürəkkəbi qurumamışdır. Avropa texnikasını beş barmağı kimi bilən bir mütəxəssisin yanında lovğalıq etməyin. Durna — Avropa texnikasını beş barmağınız kimi bilsəniz də sovet texnikasını bilmək işində beş ayağınızla axsayırsınız. Mirzə Teymur — (layihəni götürüb göstərir) Bu nədir?! Baxan kimi savadsızlıq gözə çarpır. Dəmir yolu və şose yolları Sumqayıtı pahlava şəklinə salıbdır. Durna — Layihə ilə yaxşı tanış olun, siz ancaq dəmir yolu və şose yollarını görürsünüz, onların ətrafında tikiləcək fabrik-zavodları görmürsünüz. Dilbər — Durna, faydasız mübahisələri bir tərəfə atın. İşə başlayaq (Müqavilələri çıxarıb stolun üstünə qoyur) Yoldaşlar! Gəlib imza edin! İmza əsnasında həmkarlar şöbəsi müdiri Hümmət həyəcanlı bir halda gəlir. Hümmət — A yoldaşlar, bu nədir? Biz burada sizin üçün balqabaq-zad deyilik ki? Qəhrəman — Nə olub? Hümmət — Nə üçün xalqı yığıb bura tökmüsünüz? Nə üçün qoymursunuz işləyək? Hər adam bir məs’uliyyət hiss etməlidir, ya yox? Mən gedib sizin məsələnizi partiya komitəsində qoysam, nə cavab verərsiniz? Dilbər — Cavab verərik ki, həmkarlar şöbəsi öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmədiyi üçün vəzifəsini biz ifa edirik. Hümmət — Məni bağışlayasınız. Bizim özümüzün sosializm yarışı barəsində qərarımız vardır. Qəhrəman — O hanı? Dilbər — Yeşiyində, kağızların altında. Gülürlər. Mirzə Teymur — Möhtərəm Hümmət, bu işlərdən əsla xəbərim yoxdur. Məni işə qarışdırma, mən mədəni bir adamam, başıpozuqluğu sevmərəm. Sənin fikrinə də şərikəm. Baş mühəndis — Yoldaşların təşəbbüsünü təbrik edirəm. (Mirzə Teymura) qoyun bu başıpozuqluğu mənim hesabıma yazsınlar. İşlərinizi davam etdirin. Hümmət — Vəzifəmizi əlimizdən alırsınız, adımızı da qoyursunuz ki, həmkarlar şöbəsi işləmir. Mirzə Əhməd — (başını layihədən qaldırır) Belə-belə işləri Amerikada görmək olmaz. Burada işdən çox danışıq gedir. Mirzə Teymur — Onun üçün də deyirəm ki, bu cavanların arasında təmizlik aparmaq lazımdır. Baş mühəndis — Nə təmizlik? Mirzə Teymur — Burada pozğunluq var, sevgi məsələləri var, xalqın ailə həyatını pozanlar var. Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə təmizlik lazımdır, qoca kişilər öz nəvəsi yerində olan qızlara sevgi e’lan edərsə, cavanları kim məzəmmət edə bilər? Mirzə Əhməd — (yerindən qalxır) Mirzə Teymur, sənə min kərə demişəm ki, ümumi işlərdə bir nöqsan hiss edirsənsə danış. Şəxsi işləri burax, ayıbdır. Bunlar gəncdir. Sevgi də bunların fəaliyyətinə qanad verə bilər. Qəhrəman — Bəhlul, sənə yüz kərə tapşırmışam ki, özünü ələ al. Mirzə Teymurlar bizim böyükümüzdür. Raykom katibi — (gəlib müqavilə bağlayanları görüb sevinir). Sovet işçisi və sovet fəhləsi ilə hər bir şey yaratmaq olar. Hümmət — (katibə) Yoldaş katib, belə olmaz axı. Hərgah bunlar öz başlarına sosializm yarışı düzəldəcəklərsə bəs biz burada nəçiyik? Katib — Bir haldakı sən işləmirsən, bunlar əlini əlinin üstünə qoyub otura bilməzdilər ki? Dilbər və Qəhrəman sosializm yarışı məsələsini mənim ilə razılaşdırıblar. Dilbər — Yoldaş Hümmət, bir halda ki, fəhlənin qabağına düşüb getməyi bacarmırsınız, buyurub onların dalınca gedin. Bu qədər! (İşinə məşğul olur). Katib — Sağ ol Dilbər! (İşçilərə) Gedib rahat olun yoldaşlar! Sizə müvəffəqiyyətlər olsun. Mirzə Əhməd — (əlini qoyur Mirzə Teymurun çiyninə) Mənim dostum, görünür ki, bizim gözümüz Amerika və Avropada olduğu üçün evimizin içərisini lazımınca görə bilməmişik. Sovet texnikasının quruçuları biz düşünən qədər də sadə, savadsız deyillərmiş. Katib — Elədir Mirzə, hər bir sovet fəhləsi bir yaradıcıdır. Bu xüsusiyyət nə Amerika və nə də Avropada ola bilər. Hamı gedir, Mirzə Teymur, Mirzə Əhməd, Qəhrəman, Durna və Dilbər qalır. Qəhrəman — (Dilbərə) indi iş barəsində danışaq, bloknotunu çıxarıb yaz! Dilbər — Mən hazır! Qəhrəman — (əlindəki layihəyə baxır) Zavodun işğal edəcəyi sahə 62 min kvadrat metrdən ibarət olmalıdır. Dilbər — (yazır) Nə kimi şərt altında? Qəhrəman — Şimal ilə cənub arasında qərbə doğru uzanmaq şərtilə. Mirzə Teymur — Yenə də mənim dilim dinc oturmayacaqdır. Sənaye müəssisələrinin şimal və qərb tərəfə uzanması savadsızlıqdır. Bir halda cənub tərəfə uzanmağda böyük imkanlar vardır. Mirzə Əhməd — Görünür ki, layihə ilə yaxşı tanış deyilsən. Qərb tərəfdə Bakı — Moskva dəmir yoluna yaxınlaşmaq nəzərdə tutulmuşdur. Mirzə Teymur — Pardon! Mən bunu nəzərə almamışdım. Qəhrəman — İndi bizim əsas işimiz sosializm yarışını imza edənləri ixtisaslarına görə sahələrə ayırmaqdır. Bu vəzifəni Dilbərə və Durnaya tapşırmaq lazımdır. (Mirzə Əhməd və Mirzə Teymura) Siz zəhmət çəkməyin, gedib rahat olun! Gedirlər. Dilbər — Biz Durna ilə gedib səhərki iş planını hazırlarıq. (Şeylərini yığışdırıb getmək istəyir.) Qəhrəman — Dayanın birlikdə gedək. Dilbər — Gün axşama qədər bir yerdə deyilikmi? Sən hələ mənim xasiyyətimi öyrənmədinmi? Bir dəfə dedim ki, olmaz, iş qurtardı. (Gedir). Qəhrəman — (onun dalınca) Sizin xasiyyətinizi öyrənmək üçün dünyaya iki kərə gəlmək lazımdır. (Gedir). Bəhlul — Durna, maraqlanırsansa gedək səni yola salım. Durna — Nə eybi vardır. Görünür ki, Mirzə Teymuru əvəz etmək istəyirsən. (Qolunu Bəhlulun qoluna salıb gedir). Mirzə Teymur — (Tindən çıxıb onları səsləyir) Pardon, bir dəqiqəliyə! Bəhlul — Mirzə, axşamdır, sabaha qalsın! Gedirlər. Mirzə Teymur — Mən özümü bu saat bir avropalı qürürü ilə asaram. Pərdə * * * Beşinci pərdə Mühəndis Durnanın iş otağıdır. Durna əlində portfel daxil olur. Yazı stolunun dalında oturub məşğul olur. Durna — (bir kağız götürüb baxır) Bütün fikirləri bizi aldadıb uyğunsuz vəziyyətə salmaqdan ibarətdir. Bu cür adamların sevgisi də, məhəbbəti də rəngdir, aldadıcılıqdır. (Kağızı stolun üstünə qoyub məşğul olur). Mirzə Teymur — (daxil olur) Salam Durna xanım, nələri düşünürsən? Durna — Bə’zi adamların uyğunsuz hərəkətləri barəsində düşünürəm. Dünən sizdən bu gecəki məruzə üçün nə istəmişdik? Mirzə Teymur — Əvvəla budur ki, istədiyiniz materialı verdim. İkincisi də siz gəlin bu cəmaətin başını iclas ilə, məruzə ilə aldatmayın. Hələlik məruzəyə layiq bir iş görə bilməmisiniz. Başdan-ayağa səhv içindəsiniz. Durna — Əlbəttə ki, sizin kimilər 62 kilometrdə daxili dəmir yolların əvəzinə 25 kilometr göstərəndə xalq bizim səhvimizi göstərə bilər. Bu sənin xəttindir ya yox? Mirzə Teymur — (baxır) Mənim xəttimdir. Durna — Bəs nə üçün 62 kilometri 25 kilometr yazmısınız? Siz həmişə deyirsiniz ki, mən Avropa mədəniyyətini mənimsəmişəm. Mirzə Teymur — (özünü düzəldib Durnanın qarşısında durur) Əlbəttə ki, mənimsəmişəm. Bunu kim inkar edə bilər? Baxın bütün varlığımla bir fransız, mədəni bir avropalıya bənzəmirəmmi? Durna — Hərgah onların mədəniyyəti bundan ibarətdirsə, vay onların gününə. Bilmirəm, siz gənc mütəxəssislərdən nə istəyirsiniz? Nə üçün öz-özünüzü ifşa edirsiniz? Ayıbdır, yaşlı mühəndissiniz, nə üçün özünüzü əyləncə aləti qayırmısınız? O qiyafə nədir? Mirzə Teymur — Əlbəttə, mədəni lər mədəni olmayan adamların gözündə gülünc görünər. Görünür ki, sənin üçün mədəni qiyafələr və mədəni sevgilər yabançıdır. Durna — Sevgidən danışma! Sən hər kəsi sevə bilərsən, o ixtiyarı heç bir kəs sənin əlindən ala bilməz. Amma səni sevməyən bir qızı ona məcbur edə bilməzsən. Mirzə Teymur — Yaxşı bax, məndə bir avropalı qürürü vardır. Bu qürurla yaşadığım kimi bu qürurla da məhv ola bilərəm. Mənim iqbalımın gülünü qoparıb öz döşünə taxanlar ilə hesablaşacağam. Mən qabaqca səni yoldan azdıran Bəhlulun həyatına, sonra da öz həyatıma son qoyacağam. Durna — (yalvarıcı bir vəziyyət alır) İnan mənə! Bəhlulun heç bir təqsiri yoxdur, o gəncdir, onun həyatına qəsd etmə! Mirzə Teymur — Mənə qəti bir söz deməlisən. Əks surətdə iki nəfərin həyatı məhv olur. Durna — Bu fikirdən əl götür. Mənim gəncliyimi məhv etmə. Mən sən istədiyin qəti sözü deyə bilməyəcəyəm. Mirzə Teymur — Elə isə əlvida, ey mənim həyatım! (Gedir). Durna — (həyəcanla qalxıb başını tutur və otağı dolaşır) Mən nə etdim? O gedib Bəhlulu da, özünü də məhv edəcəkdir. İki adamın ölümünə səbəb olan bir qız nə üz ilə cəmiyyət arasına çıxa bilər?! Qoy mən özüm məhv olum! Onun murdar əlinə təslim olummu? (Fikrə gedir) Gedirəm, onu qaytarım. (Paltosunu geymək istəyir, dayanır). Lakin vicdanım razılıq vermir. Nə vicdanla onun murdar əlinə təslim olum? Nəsir — (pəncərədən) Salam Durna xanım, gəlmək olarmı? Durna — Nəsir dayı, yalvarıram dayanma! Tez gedib Bəhlulu tap, ona xəbər ver ki, Mirzə Teymurdan ayıq olsun, onun gözünə görünməsin. Nəsir — Bu saat, göydə də olsa, yerdə də olsa onu tapacağam. Durna — Nə üçün mən onu rədd etdim? Nə üçün özümü fəlakətdən qurtarmaq üçün Bəhlulun məhvinə səbəb oldum? Bəhlulun nə təqsiri vardır? O mənim səbəbimə gənclik həyatından ayrılır. (Yenə də paltosunu götürüb geymək istəyir). Gedirəm! Bəhlul — (daxil olur) hara, Durna? Bu nə həyəcandır? Durna — (təvşüyə-təvşüyə oturur) Ah, nə qədər sevindim! Ürəyim partlayacaq idi. O səni görmədimi? Bəhlul — Kim? Durna — Mirzə Teymur səni də, özünü də məhv etmək istəyir. Bəhlul — Nə olub, nə səbəbə?! Durna — Çünki mən onun murdar ehtirasına təslim olmaq istəmədim, onu rədd etdim. Yalvarıram bir qədər ehtiyatlı ol, o mənim qəlbimi yaralamaq istəyir. Bəhlul — (gülür). Bilmirəm sən nə üçün bu qədər sadə ürəklisən? O səni bununla qorxutmaq istəyir. O özünü öldürəcək qədər axmaq deyildir. Oyun çıxarır, sən bir sovet qızı, sovet mütəxəssisisən. Bu qədər sadəlik sənin üçün ayıb deyilmi? O mənim gözümü də püfləyə bilməz. Durna — Doğru deyirsən, vicdanım imkan versəydi özümü fəlakətin qoynuna atacağdım. (Oturur) Bir qədər danış, qoy keçirdiyim qorxulu dəqiqələri unudum. Bəhlul — Onda al «Komsomolçu qıza» sərlövhəli şe’rimi oxu, qəlbim açılsın. Durna — Bəhlul, özün düşün, dəhşətdən dodaqları da ürəyi kimi titrəməkdə olan bir qız nə cür şe’r oxuya bilər? Mən yenə də qorxuram, o məndən ötrü özünü məhv edərsə, bu hadisə mənim həyat tarixımdə əbədi bir ləkə olub qalacaqdır. Bəhlul — İnan mənə, bu onun son macərasıdır. Sənin sadəliyindən, rəhmdilliyindən istifadə etmək istəmiş. Durna — Elə isə oxu şe’rinə qulaq asım. Bəhlul — Dinlə, qoy özüm oxuyum. (Oxuyur) Gözündə cilvələnir möhtəşəm bir istiqbal, Əməllərim kimi çöhrən şəfəqlə malamal. Dodaqlarında təbəssüm, baxışların mübhəm, Nədir vücudunu tə’zib edən bu gizli ələm? Nədən kədərlərə qərq olmuş hüsni-pürxəndən? Kədərlərin dənizindən qopub gələn xəndən. Durna — Yaxşı, ver bura özüm oxuyum! (Şe’ri özü üçün oxuyub yerə qoyur). Bəhlul — Görünür ki, şe’rim xoşuna gəlmədi. Durna — Təəssüf ki, şe’rində komsomolçu qızı nə qədər axtardımsa tapa bilmədim. Bəhlul — Məgər bu şe’rim təbiətin yaratdığı gözəl və ülvi bir şəxsiyyətin fotoqrafı deyilmi? Bilmirəm nə üçün daima mənim şe’rlərimi tənqid edirsən? Durna — Bəhlul, səni tənqid edirəm və çox da yerində tənqid edirəm, həm də utanıram, çünki bu cür şe’ri mədəni bir qadının yanında oxumaq mədəniyyətsizlikdir. Bəhlul — Nə üçün? Durna — Çünki bu şe’r ülvi bir şəxsiyyətin fotoqrafı yox, bir qadın əndamının fotoqrafıdır. Bu şe’rdə göstərdiyin ülviyyəti hələlik təbiət heç qadına nəsib etməmişdir. Bəhlul — Nəsib etmişdir. Sənin varlığın mənim bu sözümün silinməz bir vəsiqəsidir. Durna — İncimə, Bəhlul! Madam ki, biz bir-birimizə hörmət bəsləyirik gərək açıq danışaq. Sənin şe’rindəki misraların hər birisi qəlbində təlatümə başlamış coşqun bir ehtirasın damcılarıdır. De görüm sən mənim ülviyyətimi nədə görürsən? Bəhlul — Sən insanın fikrinə, fəaliyyətinə, təşəbbüsünə ilham verə biləcək bir ülviyyətə maliksən. Sən elə ülvi bir gözəlliyə maliksən ki, ən mürəkkəb və ən çətin sənətlər sənin çöhrənə baxıldığı zaman yaradılır. Durna — (gülür və qalxıb Bəhlulun saçlarını sığallayır) De görüm necə aydır mənim çöhrəmə baxırsan, cavab ver, səni yaxşıca tutmuşam. Bəhlul — Bir ildən artıqdır. Durna — Bəs necə olub ki, mənim çöhrəm bu müddətdə sənin fəaliyyətinə ilham vermədi. Nə üçün sosializm yarışında uduzmaq ərəfəsindəsən? Özünü ələ al! Bəhlul — Vicdanımla söz verirəm! Özümü düzəldəcəyəm. Durna — Dünyada irəli atılmaq üçün sevgidən də əlverişli bir qanad ola bilməz. Görünür ki, sevgin də şe’rin kimi sünidir. İnan mənə, vəzifəndə qalib gəlməyincə, sevgidə də qalib gəlməyəcəksən. Bu sözüm qətidir, gedib düşün. Bəhlul — Söz verirəm, Durna! Sonra? Durna — Sonra da elektrik stansiyasında gedən işlər barəsində mə’lumat lazımdır. Axşamkı iclasda lazım gələcəkdir. Bəhlul — Hamısını hazırlamışam. Bu saat gedib gətirim. (Gedərkən). Durna — Bəhlul! Yalvarıram, özünü o canavardan gözlə! Bəhlul — Nigaran qalma! O canavar deyil, onun bu günkü hərəkəti əski tələbəliyə məxsus xasiyyətlərin kiçik bir nümayişidir. Bu əsnada Nəsir daxil olub Bəhlulu görür. Nəsir — A kişi, səni axtarmaqdan yoruldum axı. Bəhlul — Nə işin var idi? Nəsir — Məni Durna xanım göndərmiş idi. Ayıq ol, Mirzə Teymur səni öldürəcəkdir. Bəhlul — O bu işi görməz, inanmayın. (Gedir). Durna — Nəsir dayı! Nə əcəb gəlmişdin? Nəsir — (gülümsəyib əyilib, büzülür) Doğrusu utanıram da deyim. Sabah gecə Güllü ilə bizim xeyir işimiz baş tutur. İstəyirəm ki, siz də zəhmət çəkib bu xeyir işdə iştirak edəsiniz. Güllü — (gəlib bu sözləri eşidir) Necə-necə? hansı xeyir işin? Nəsir — Yenə necə oldu? Yoxsa sözünü dəyişirsən? Güllü — Sözümü dəyişmirəm, ancaq tələsməyə gəlməz. Qoy hələ biri-birimizi bir qədər öyrənək. Nəsir — İnsafın olsun axı. Adam bir-birini necə ilə öyrənə bilər? Gözləməkdən saqqalıma dən düşüb ki. Güllü — Nəsir, hərgah məni sevirsən, işimə mane olma! Sosializm yarışında ayağım-başım toya qarışsa uduzaram, bu da ki, mənim adıma yaraşmaz. Nəsir — (Durnaya) Durna xanım, yalvarıram, bunun başına bir ağıl qoy! Ətək dolusu pul töküb hazırlıq görmüşəm, şirnim xonçalara tökülüb, teşt dolusu düyüm isladılıbdır. Durna — Bu gün iclasa hazırlanırıq. İclasdan sonra konsert də olacaqdır. Nəsir — (Güllüyə) Anam, bacım, nə üçün üzüyümü barmağına taxanda bunları fikirləşmədin? Güllü — Al, bu da sənin üzüyün. Beş-altısı ondan ötrü məəttəl deyildir. (Çıxarmaq istəyir). Nəsir — Sən olasan nakam qardaşın Əbişin qəbri üzüyü qaytarma, yenə də gözlərəm! Bu əsnada pəncərədən bir kağız atırlar. Durna — (oxuyur) Rəhmsiz, vəfasız Durna! Bu məktubu həyatımın son dəqiqələrində yazdım. Axşam tam saat 7-də özümü dəniz kənarındakı bağda asacağam. On dəqiqə keç gəlsən məni diri görməyəcəksən. Qoy ömrün boyu bu ləkə sənin vicdanında qalsın. (Saatına baxır. Başını tutur.) İş çiddiləşdi, hara qaçım? Kimdən kömək istəyim? (Qalxır) ona nicat vermək üçün gedirəm! Nəsir — O nə üçün özünü asır? Asırsa qoy assın. Çox da lazımlı adam deyil ki. Durna — Nəsir dayı, yalvarıram gedin bağa. Hərgah o özünü asmaq istərsə qoymayın. Hər nə olursa-olsun mən onun təklifini qəbul edə bilmərəm. O mənimlə evlənmək istəyir. Güllü — Allah onu vurmuşdu. İndi mən gedib ona bir kələk qurum ki, hər şey yadından çıxsın. Şalını ver salım başıma. Durna — (şalı verir). Al, nə edirsən et, amma onu ölümdən qurtarın! Güllü — (şalı başına salır) Yol verin, Durna Mirzə Teymurla görüşə gedir. (Nəsirə) sən kənarda durub göz qoyarsan, görərsən onun başına nə oyun gətirəcəyəm. Gedirlər. Durna — (həyəcanla otağı dolaşır) Əcəba o bu intiharla məni rüsvay etmək istəyirmi? Nə çarə edim? Kim məni bu fəlakətdən qurtara bilər? O, ölsə də, diri qalsa da mənim mənəviyyatımı məhv edəcəkdir. (Başını tutub otağı dolaşır). Qəhrəman — (daxil olub təəccüblə soruşur) Nə olub Durna? Bu nə vəziyyətdir, nə eşitmisən? Durna — Qəhrəman, yardım ver, məhv oluram. Al oxu! Qəhrəman — (alıb məktubu oxuyur) Həyəcan lazım deyil. O, çox hiyləkar adamdır. Axmaq olsa da özünü məhv edəcək qədər axmaq deyildir. Bir də budur ki, sən mətanətli olmalısan. Səndə bolşevik ürəyi olmalıdır. Quru hədələr səni yerindən tərpətməməlidir. O bununla səni görüşə məcbur etmək istəmişdir. Durna — Mənim əvəzimə Güllü onun görüşünə getdi. Özünü öldürmək istərsə mane olacaqlar. Şalımı başına örtüb getdi. Dilbər — (daxil olur) Axşamınız xeyir! Bağışlayın söhbətinizə mane olmayacağam. Məruzə üçün lazım olan materialları gətirdim. (Portfelindən çıxarıb verir). Durna — Dilbər bu nə sözdür? Səndən gizlin nə kimi söhbətimiz ola bilər? Mirzə Teymur indicə məktub yazıb intihar edəcəyini bildirmişdir. O barədə danışırıq. Dilbər — Eh, Mirzə Teymurdur, mənim atamdır, onlar mənəviyyətcə çoxdan bəri intihar ediblər. Qəhrəman — Yox, Dilbər, atamızı Mirzə Teymurla müqayisə etmək olmaz. Dilbər — Yox, o son günlər olduqca əsəbiləşmiş, çox inadkardır. Buna sənin tənqidlərin də bais olur. Nəhayət mən onu atdım, daha evə qayıtmayacağam. Onun sözlərini eşidə bilmirəm. Düzəlməsinə olan ümidlərim boşa çıxır. Durna — Yanılırsan. O artıq sovet gəncliyinin qüdrətinə inanmağa başlamışdır. Qəhrəman — O artıq öz biliyini gənc mütəxəssislərdən əsirgəmir. O namuslu bir sovet adamıdır. Lakin, xasiyyətinin əlində əsirdir. Sən evə qayıt! Dilbər — Qayıda bilmərəm, çünki onun özü məni evdən qovmuşdur. Nə qədər ki, o mirzə teymurlardan əlaqəsini kəsməmişdir, onunla barışmayacağam. Bəhlul — (əlində material gəlir) Material hazır! Yaxşı oldu, Dilbər də buradadır. Birlikdə gedərik. Qəhrəman — (saatına baxır) İclasın vaxtıdır, səkkizə on dəqiqə işləmişdir. Durna — (öz-özünə) Yəqin ki, indi o özünü məhv eləmişdir. Bəhlul — Fikir vermə! Qalxın gedək. Dilbər — Yox, mən sizinlə getmirəm! Durna iclasdan sonra məni gözlərsən, sizə gedəcəyəm! (Gedir). Qəhrəman — (onun dalınca baxır) həm dəli həm də ağıllı şeytan! Pərdə düşür, tez qalxır, dəniz kənarında bir bağça görünür. Mirzə Teymur — (danışır) o çox qorxaqdır, həm də sadədir, şübhəsiz ki, o məni ölümdən qurtarmaq üçün bura gələcəkdir. O intihar adını eşidən kimi özünü şaşırdı. Doğrudan da o elə bildi ki, mən Bəhlulu da, özümü də öldürəcəyəm. (Ayaq səsi eşidilir, durub bir qədər dinləyir). O gələcəkdir, bu da mənim üçün kifayətdir. Bir daha əlimdən qurtara bilməz. Güllü — (gəlib skamyalardan birinin üstündə oturur) Kim olduğunu görmürəm, amma sözlərindən Mirzə Teymura bənzəyir. Mirzə Teymur — Nə üçün də o məndən qaçsın? Nə üçün mən özümə əhəmiyyət vermirəm? Parisin Şan-Zaliza bulvarını nə üçün unudursan? Fransız qızlarının səninlə tanış olmaq üçün növbəyə durduğu yadından çıxdımı? Güllü — Gül sənin başına, ordakılar da sənin tayın imiş. Mirzə Teymur — (o tərəf bu tərəfə boylanır) Gəlmədi, keçən günlər nəzərimdə canlandı. (Üst-başını düzəldir, özünü cürbəcür duruş və yerişlərdə imtahan edir. Birdən-birə skamyada bir qadın oturduğunu görür). Durnadır, mənim arzularımın mücəssəməsidir. Başındakı şalından tanıyıram. O məni intihardan qurtarmaq üçün gəldi, o bir fransız çentilmeninin həyatına qiymət qoyduğu üçün gəldi. Güllü — (şalı üzünə çəkir) Mirzə Teymur olmağına Mirzə Teymurdur, amma heç də özünü öldürmək istəyən adama bənzəmir. Mirzə Teymur — (yaxalığını və libasını düzəldir) O əvvəlcə məni tanımayacaqdır, çünki mən Fransadan gələndən bəri bu kastumu əynimə geyməmişəm. Güllü — (özü-özünə) naftalin qoxusu bağı bürüdü. Mirzə Teymur — (bir necə qədəm irəli atır) Sevin, mənim qəlbim, səadətlə sənin aranda bir necə qədəm qalmış, (irəli gəlib əllərini Güllüyə tərəf uzadır). Sevginlə könlümə bir çıraq yandır, Ey nazənin pəri məni taclandır. Güllü — (yavaşdan) Mirzə, mən Durnayam, pəri deyiləm. Mirzə Teymur — Nə qədər bədii səs! İndi o mənim əlimdən tutub dodaqlarına və sinəsinə qoyacaqdır. (İrəli gəlir) Salam barışna! (Diz çökür). Uzat dodaqlarını, ey pəri, dodaqlarıma! Güllü — Mirzə dəyməz! Mən Pəri deyiləm, Durnayam, səni ölümdən qurtarmaq üçün gəldim. Mən iki nəfəri ölümdən qurtarmaq üçün özümü fəda etməyə gəldim. Mirzə Teymur — Mənim diriliyim sənin bir sözündən asılıdır. Yalvarıram haman sözlə mənim qəlbimi sakit elə! (İrəli gəlib qolundan tutmaq istəyir). Güllü — Mirzə eləmə! Görən olar. ZAGS-a gedəndən sonra. Mirzə Teymur — ZAGS-ın mə’nası iki qəlbin birləşməsidir. At başındakı şalı at! Qoy göz bəbəklərindən parlayan işıq mənim istiqbalımı işıqlandırsın! (Qolundan tutur). Güllü — Mirzə, yoxsa məni Durnaya bənzətmisən? Mirzə Teymur — (diksinir) Pardon, pardon! Güllü — Dəli-zad deyilsən ki, hara paydom? Ay Nəsir, gəl görüm bu məni hara aparır? Nəsir — (gəlir) Nə var, nə olub? Güllü — Nə olacaq, burada oturmuşam, gəlib mənim ilə eşqbazlıq edir. Tez-tez qolumdan tutub paydom-paydom deyir. Nəsir — Sən öləsən sənə elə bir toy tutaram ki, bir paydom da o biri tərəfindən çıxar. İşi o yerə yetirmisən ki, xalqın qızına paydom-paydom deyirsən? Mirzə Teymur — Ağa Nəsir, paydom demirəm, pardon deyirəm. Nə çarə qılım fransızca savadım yoxdur. (kənarə) Belə də mədəniyyətsiz camaat olar? Mədəni bir adamı ölməyə də qoymurlar. (Yükürüb ağacdan asdığı ipi boğazına keçirmək istəyir) Nəsir — Elə iş yoxdur. Ölməyə qoymaram, gərək diri ikən deyəsən görüm mənim arvadımı hara aparmaq istəyirdin? Bu əsnada Qəhrəman, Bəhlul və Durna gəlir. Durna — Ay Nəsir dayı, nə olub, nə səsin gəlir, mirzədən nə istəyirsiniz? Nəsir — Bundan artıq daha nə ola bilər? Arvadın qolundan tutub paydom-paydom deyib aparmaq istəyirmiş. Mirzə Teymur — Allahı sevirsiniz bunun fransızca savadı yoxdur, pardon sözünü buna tərcümə edin. Bəhlul — Ay mirzə, nə üçün öz dilini danışmırsan ki, mütərcimə ehtiyacın düşməsin! Mirzə Teymur — Durna xanım, bu kələyi sən qurmusan. Mən bu təhqiri bir avropalı qüruru ilə bağışlamayacağam. Keç-tez özümü məhv edəcəyəm. Qəhrəman — (onun qolundan tutur) Özünüzü ələ alın, siz yaşlı bir mütəxəssissiniz, bu işlər sizə yaraşan iş deyil. (Məclisə) Sizə tapşırıram, bu məsələni heç bir kəs bilməməlidir. Durna — Mirzə, yenə də sənə yalvarıram, öz xoşbəxtliyini mənim bədbəxtliyim üzərində qurmağa çalışma. Bir əməkdaş kimi rəftar etmiş olsan, daima bir dost kimi sənin əlini sıxaram. Əlini ver bura! Qoy bütün oyunlar bununla bitmiş olsun. Mirzə Teymur — (Durnanın əli əlində ikən) Yox, qəlbini də bu əlin üstündə görmək istərəm. Durna — (əlini çəkir) Yox mirzə, bir qəlbi iki adama vermək olmaz. Gedirlər. Pərdə * * * Altıncı pərdə Teatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır. Durna — (Dilbər ilə bərabər zaldan çıxırlar) Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən. Dilbər — Durna, sən də bir tərəfli danışırsan. Nə üçün mənim Qəhrəmandan çəkdiyim əziyyətlərdən, ondan gördüyüm həqarətlərdən danışmırsan? Mən onun inadları nəticəsində doğma atamı da atdım, amma o... Durna — Necə amma o?.. O nə edə bilərdi? O partiyanın və hökumətin qarşısında ağzını yumub otura bilməzdi ki? O ki, qaldı həqarətə, o da Qəhrəmanın barəsində açıq bir böhtandır, çünki o bunun üçün yaranmamışdır. Elə bilirəm ki, onun qəlbində kin və ədavətə yer yoxdur. O olduqca nəvazişkar bir oğlandır. Dilbər — Onların hamısı doğrudur. Lakin o yaxşı da olsa, pis də olsa mənim üçün deyildir, hazırda mən onu bir əməkdaş kimi müdafiə edirəm. Edəcəyəm də, çünki o olduqca namuslu bir mütəxəssisdir. Nə isə... görəsən bədii hissədə nə var? Durna — Afişanı görmürsənmi? Dilbər — (afişaya baxaraq diksinir) mən yuxumu görürəm? Bu ki, Firəngizdir. (Durnaya) Bax, bu sənin tə’rif etdiyin Qəhrəmanın Firəngizidir, o məni zəhərləmək üçün bunu çağırıb Azərbaycana gətirdi. (Afişaya diqqətlə baxır). Sən qızlığında da kədərli idin, indi də kədərlisən. Görünür ki, sən də mənim kimi şadlıq üçün yaranmamısan. Durna — Dilbər, mən bu işdən şübhələnirəm. Qəhrəman Firəngizin buraya gələcəyini bilsəydi bizdən gizlətməzdi. Mən elə bilirəm ki, bu bir təsadüfdür. Dilbər — (afişaya bir daha diqqətlə baxır) Doğrudur o gəlib, lakin bu gəlməklə Qəhrəman üçün şadlıq gətirməmiş, çünki qız başqa familiya daşıyır. Durna — Yazıq Qəhrəman! Dilbər — Doğrudan da yazıq Qəhrəman. İqbal onu cəzalandırdı. Çünki o Firəngizi də, məni də itirdi. Gözləyənlərin sonu budur. Durna — Elə düşünmə, Dilbər, Qəhrəmanı rədd etmək insafsızlıqdır. Dilbər — Durna, sən gəl məni təhqir etmə. Mən növbəyə yazılan qızlardan deyiləm. Durna — Bəxtin gülməyə başlarkən ağlamağın mə’nası yoxdur. Sən Qəhrəmanı sevirsən, heç atılıb düşmə. Dilbər — Qəhrəmanın özü də məni qısqandırmaq üçün orada-burada: «Firəngiz dünya gözəlidir» deyirdi. İndi yaxşı bax, bunun harası dünya gözəlidir? Durna — Mən səni qısqandırmaq istəmirəm. Amma olduqca cazibəli gözləri vardır. Dilbər — Baxışları sün’idir. Dodaqları mərmər bir heykəlin dodaqları kimi cansızdır. Firəngizi mənə tanıtma. Onu məktəb skamyasından tanıyıram. Durna — Duruşunda qalınlığa məxsus bir əzəmət var. Dilbər — Padumayeş! Əzəmət var. Bəsdir sən allah, qulaqlarım yoruldu. (Gedir). Durna — (onun dalınca gülür) Qısqanclığın özü də sevgi ilə bərabər doğulan xəstəlikdir. (Dolanmağa başlayır, Bəhlul zaldan çıxıb Durnanı görüb yanaşır) Bəhlul — Nə üçün tək durmusan? Durna — Dilbər məndən ayrılıb getdi. Təzə hadisədən xəbərin varmı? Bəhlul — Nə hadisə? Durna — Afişaya yaxşı bax, bu qız Qəhrəmanın gözlədiyi Firəngizdir. Özü də ərə getmiş. Bəhlul — Bunu kim bura çağırdı? Qəhrəman nə üçün bunu bizdən gizlətdi? Durna — Mən elə bilirəm ki, bu bir təsadüfdür və yainki burada bir gizlin əl işləmişdir. Bəhlul — Qəhrəmanı gözdən qoymaq lazım deyildir. O özünü rüsvay edə bilər. Başlayırlar foyedə dolanmağa, Dilbər dəxi həyəcanlı bir surətdə onlara yanaşır. Nəsir — (Güllü ilə bərabər daxil olub zalın qapısında duran qadına müraciət edir) Konsert hələ başlanmayıb ki? Qadın — Xeyr! Hələ iclas qurtarmayıbdır. Nəsir — (divardakı afişada qız şəklini görüb baxmaq istəyir) Güllü, o qız kimdir? Güllü — (onun ətəyindən dartır) Gəl belə! Nə gözünü ora zilləmisən?! Mənim şorgöz kişidən zəhləm gedər. Nəsir — (əlini qoyur Güllünün ağzına) Yavaş danış, dəlisən, nəsən? Durnanı, Dilbəri görmürsənmi? Güllü — Onlar bilsələr ki, sən şorgözsən dərini çıxardarlar. Gündə əlli kərə kontora soxulursan. Foye işıqlanır, iclasdakılar zaldan çıxır. Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər zaldan çıxırlar) Doğrusu sənin bu günkü çıxışından heç də xoşlanmadım. Mirzə Əhməd — Doğrudur, mən inadkaram, bir az qabalığım da vardır, bununla bərabər vicdanım da vardır, həqiqəti inkar edə bilmərəm. Qəhrəmanın dediyi qələbə inkaredilməz qələbədir. Mirzə Teymurla Mirzə Əhməd danışdığı zaman baş mühəndis onlara yanaşır. Baş mühəndis — Mirzə Teymur! Sizin bacarıqlı bir mühəndis olduğunuza heç bir şübhə ola bilməz. Lakin yersiz tənqidlər ilə özünüzü ifşa edirsiniz. Çıxışınızdan heç bir kəs razı qalmadı, nə üçün həqiqəti görmürsünüz! Mirzə Teymur — Doğrudur, tənqid mədəniyyətsiz adamlar üçün çox acıdır. Qoy incisinlər. Baş mühəndis — Tənqidi təhqirə çevirmək yaramaz. Mirzə Teymur — Mən heç bir kəsi təhqir etmirəm. Ancaq deyirəm ki, görülən işlər mənim səliqəm ilə düz gəlmir. Mənim ağzımı qapamaq olmaz, mənə yaxşı bax! Baş mühəndis — İş lazımi qədər təşkil olunub, əmək məhsuldarlığı əldə edilib, mexaniki sexin dəzgahları səslənir, daha nə istəyirsiniz? Mirzə Əhməd — (sözü müdaxilə edir) Mə’ruzə həqiqi mə’ruzədir. Gənc mühəndislər qalib çıxacaqlar. Mən sexi lazımi qədər gözdən keçirmişəm. Keyfiyyət barəsində heç bir söz ola bilməz. Gənc mühəndislərin təşkilatçılıq bacarığına inanmamaq qərəzkarlıqdır. Sənə qəribə gəlməsin, biz anlamaya da bilərik. Mirzə Teymur — Demək ki, sən Qəhrəmanla barışırsan? Mirzə Əhməd — Qəhrəman nəçidir? O burada işləyən makinənin kiçik bir vintidir. Burada böyük bir kollektiv vardır. Sən də, mən də o kollektivin üzvləriyik. Nə üçün biz tək-tək şəxslərdən yapışırıq? Bu bizim səhvimizdir. Mirzə Teymur — Demək ki, sən təslim oldun. Amma məndə bir avropalı qüruru vardır. Heç bir zaman oğul-uşağa təslim olmaram. Mirzə Əhməd — Mən çox təəssüf edirəm ki, biz indiyə qədər qürurla cəhlin və inadın fərqini qoya bilməmişik. Mirzə Teymur, sən də, mənim özüm də, şərəfli kollektivə təşəkkür etməliyik. Bəsdir, bizim inadımız işə az ziyan verməmişdir. Biz daha böyük mənfəət verə bilərdik. Katib — (direktorla bərabər zaldan dışarı çıxır, Mirzə Əhmədə yanaşır) Sağ olun mirzə, sizin bu günkü çıxışınız iclasda olanların hamısını razı saldı. Mirzə Əhməd — Siz elə bilməyin ki, mən öz çıxışımda gənc mühəndislərə yaltaqlıq etmək istədim. Doğrudur, mən çoxdan bəri gənclərin bacarığına inanmırdım. Lakin mən həqiqəti inkar edə biləcək qədər vicdansız deyiləm. Katib — Biz bu cür çıxışı Mirzə Teymurdan da gözləyirdik. Lakin bunun əksini gördük. Mirzə Teymur — (dalısını Dilbərə, Bəhlul və Durnaya çevirib afişanı oxuyur) Moskvada musiqi təhsilini bitirmiş Firəngiz Nə’manova. Dilbər — Mənə eşitdirmək istəyir. Bilmirəm Qəhrəman nə üçün bunu bizdən gizlədirdi? Qəlbi saf deyil, vəssəlam! Durna — Səbr elə görək, Dilbər. Hələlik bu açılmamış sirrdir. Bəhlul — İş-işdən keçibdir. Qəhrəmanı bir təhər buradan aparmaq lazımdır. Qəhrəman — (bir dəstə işçi ilə zaldan çıxır, Bəhlul, Durna və Dilbərə yanaşır) Dilbər, konsertə qalacaqsanmı? Dilbər — (yarım açıqlı) Xeyr! Konsertdən də, konsertdə oxuyandan da ötrü məəttəl deyiləm! (Gedir). Qəhrəman — Durna! Yenə Dilbər nə eşidibdir?! Durna — Nə eşidəcək? Bir belə işin var idisə nə üçün bizdən gizlədirdin? Biz sənə düşmən deyilik ki? Qəhrəman — Nə iş? Mənim sizdən nə kimi gizlin işim ola bilər?! Mirzə Teymur — (gəlib afişanı oxuyur) Təhsilini Moskvada bitirmiş aktrisa Firəngiz Nə’manova! Qəhrəman — (bu sözdən diksinib, arxasına baxıb afişada Firəngizi görür) Firəngiz? Mən yuxumu görürəm? (Afişanı oxuyur) Firəngiz Nə’manova. Odur, amma familiyası başqadır. Düşüncələrim doğruldu, o qəlbinin qapısını başqa bir sevgiyə açmış imiş. Zəng vurulur, foyedəkilər zala daxil olur. Mirzə Teymur — (gedərkən Qəhrəmana) Sizi təbrik edirəm, Sizə xoşbəxt bir həyat dilərəm. (İstehzalı gülüşlərlə uzaqlaşır). Durna — (Bəhlula) eşitdinmi? İsmixan — (Katelnikov, Straşnov və sairələrlə Qəhrəmana yanaşıb vidalaşırlar) Sağ olun Qəhrəman yoldaş. Çıxışların bizi öz qələbəmizə inandırdı. Qəhrəman — Siz də sağ olun. Biz bu qələbədə sizin kimi yoldaşlara minnətdarıq. Gedirlər. Bəhlul — Gəl gedək, iş-işdən keçibdir. Həyatda bu cür hadisələr çox olar. Zaldan əl çalma səsləri eşidilir və bir azdan sonra Firəngizin oxumaq səsi gəlir. Qəhrəman — Odur, onun səsidir, arzularım səslənir. Mən onun bir sənətkar kimi səhnəyə çıxacağını gözləyirdim. Haman günü gördüm, lakin o mənim deyildir. Durna — Əhəmiyyət vermə Qəhrəman, mətanətini itirmə! O sənin də olmasa xalqın sənətkarıdır. Qəhrəman — Uzun illərdən bəri mənim qəlbimi quş kimi qəfəsdə məhbus edən qız! Sənin xəyalınla gecə-gündüz çalışıb əbədən yorulmadım. Ah! Eşq-məhəbbətin bu qədər acı nəticələr verəcəyini bilmirdim. (Tələsik zala daxil olur). Durna — Rüsvayçılıq! (Onun dalınca zala daxil olurlar). Dilbər — Ona acığım da gəlir, yazığım da gəlir. Qəhrəmanın nə təqsiri vardır. Vəfa və sədaqət ondan artıq olmazdı ki? Mən nə üçün qısqanıram? Firəngizlə Qəhrəmanı birinci kərə tanış edən mən özüm olmadımmı? Qəhrəman — (həyəcanla zaldan çıxır) Gözünə görsənə bilmədim, özünü şaşıra bilərdi. Dilbər — (özü-özünə) Qəlbinə bir bax. Sevgiyə və sədaqətə xəyanət edən bir qızın qeydinə qalır. Bu alicənablıq deyilmi? Bəhlul — (Durna ilə bərabər zaldan çıxıb Qəhrəmana yanaşırlar) Gəl gedək Qəhrəman, bu macəranın genişlənməsinə imkan vermə! O vəfasız çıxmışdırsa, sən nə edəsən? Qəhrəman — Yox-yox, mən ona vəfasız deyə bilmərəm, görünür ki, o da təklikdən yoruldu. Nə edim? Ah! Təbiətin nə qədər ağır, çəkilməz cəzaları var imiş. Bu cəza hansı günahın cəzasıdır? Dilbər — (diqqətlə Qəhrəmanı dinləyir və ona nəvaziş göstərməyə başlayır) Qəhrəman, yalvarıram bir qədər möhkəm ol, sən mətanətli oğlansan axı. Nə üçün özünü itirirsən? Qəhrəman — Siz gedin, mən mütləq onunla görüşməliyəm. (Zaldan «bis-bis» səsləri eşidilir, Qəhrəman sür’ətlə səhnə arxasına gəlir.) Dilbər — Qəhrəman nə edirsən, dayan! (Dalınca sür’ətlə gedir). Durna — (Bəhlul ilə bərabər onların dalınca baxır) Həyatın bu şəkli nə qədər qorxuludur. Pərdə * * * Yeddinci pərdə Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur. Birinci adam — Mühəndis dəstəsi tərəfindən (gül dəstəsini qoyur). İkinci adam — İşçi qadınlar tərəfindən. Üçüncü adam — Zavodun direktorluğu tərəfindən. Dördüncü adam — Həmkarlar ittifaqı şö’bəsindən. Gedirlər. Firəngiz — (özünü gül dəstələrinin arasında görüb şadlanır) İllərdən bəri məni məşğul edən şirin xəyallar həqiqət şəklinə keçir. Arzularım çiçəklənir. (Gül dəstələrini götürüb qoxulayır) Bunların hər birisi böyük xalqımın öz sənətkarına qarşı bəslədiyi məhəbbətin möhtəşəm bir mücəssəməsidir. Ah, bu günkü şadlıq son dörd il ərzində keçirdiyim kədərli günləri unutdura biləcəkdirmi? (Oturub tualetlə məşğul olur). Xidmətçi qadın — (daxil olur) Bir nəfər gəlib xanımla danışmaq istəyir. İcazə verirsinizmi? Firəngiz — O kimdir? Nəçidir? Xidmətçi qadın — Kimliyini söyləmədi, amma burada olan adamdır. Çox da həyəcanlıdır, görünür ki, sizinlə görüşməyə çox maraqlanır. Firəngiz — Get mənim dilimdən ona söylə ki, bağışlasın. Mən səhnə arxasında tanış qəbul edən aktrisalardan deyiləm. (Qadın gedir) Bəlkə də bir çoxları bunu özü üçün bir şöhrət hesab edir, amma mənim xoşuma gələsi iş deyildir. (Tualetini düzəltməyə başlayır). Xidmətçi qadın — (gəlir) Sizin dediklərinizi ona xəbər verdim. Cavabında dedi ki, mən onunla tanış olmağa gəlməmişəm. Onunla mühüm bir məsələ barəsində danışmağa gəlmişəm. Firəngiz — (gülümsəyir) Bir daha zəhmət çəkib ona söylə ki, mən bura məsələ həll etmək üçün gəlməmişəm. Oxumaq üçün gəlmişəm. Rica edirəm qoy mühüm məsələsini başqa bir adamla həll etsin. Xidmətçi qadın — Baş üstə! Amma çox vüqarlı adama bənzəyir. (Qadın gedir, Firəngiz özü-özünə) Bura Azərbaycandır. Tutum ki, Qəhrəman məhv olub, onun ailəsi ki, məhv olmamışdır. Onlar mənim Azərbaycana gəldiyimin birinci günündən başqaları ilə tanış olduğumu eşitsələr nə deyərlər? Qadın — (gəlir və gətirdiyi kiçik məktubu Firəngizə uzadır) Bu məktubu haman adam verdi. Firəngiz — (məktubu alıb oxuyur) Firəngiz, sənə məktub göndərən çoxdan bəri unutduğun Qəhrəmandır. Sənin Azərbaycana gəldiyini bir neçə dəqiqə bundan əvvəl eşitdim. (Həyəcanla qalxır) Bu hansı Qəhrəmandır? Gözlərimə və qulaqlarıma inanmıram. Yazı onun yazısıdır. Aman! Mən yuxumu görürəm? Bu nə dəhşətli təsadüfdür? Xidmətçi qadın — Özünüzü ələ alın, xanım! Firəngiz — Mən nə üçün onu da, özümü də cəzalandırdım? Nə üçün onun saf və səmimi sevgilərini xəyanətlə qarşıladım? Mən nə kimi bir vicdanla onun gözlərinə baxacağam? (Ağlayır). Xidmətçi qadın — Sakit olun xanım, bir az sonra səhnəyə çıxacaqsınız. Buyurun görüm, ona nə cavab verim? Firəngiz — Get ona söylə ki, xanım xahiş edir ki, bir neçə dəqiqə zəhmət çəkib gözləsin. Ona qədər siz də bir istəkan su gətirin! (Qadın gedir, Firəngiz həyəcanla otaqda dolanır). Xəzan vurmuş bir çiçəyəm lələzarımda, Bir dəhşətli külək əsir damarlarımda. Gəlib keçir nəzərimdən keçdiyim dünya Nədir məni çırpındıran dəhşətli rö’ya? Ey yer, yarılıb məni qoynuna çək! Ey ölüm, gəl məni bu həqarətli diriliyin əlindən xilas elə. (Oturub bayılır). Qadın əlində bir stəkan su gətirib Firəngizi bayılmış görüb qışqırır. Xidmətçi qadın — Fəlakət, fəlakət! Bu əsnada qapı açılır, Qəhrəmanla Dilbər daxil olur. Dilbər — (Firəngizi bayılmış görüb başını sinəsinə alır, ağlayır) Firəngiz, yalvarıram özünə gəl! Ayıl! Sənin yanında oturan Dilbərdir. Məktəb yoldaşındır. (Onu öpür və saçlarını sığallayır). Qəhrəman — (Firəngizə baxaraq) Ah, bir baxın illərdən bəri qəlbimdə böyütdüyüm sevgiyə nə ilə yekun vururam? Şair nə qədər yerində demişdir: Çox şirin görünür bizə sevgilər, Bə’zən bal içində verilir zəhər. Firəngiz — (gözlərini açıb başının üstündə Dilbəri ağlarkən görür) Ağlama Dilbər, ancaq mən ağlamaq üçün yarandım. İndi məndən də bədbəxt bir qadın yoxdur. Bilirəm sən də, Qəhrəman da qəlbinizdə mənə nifrət bəsləyirsiniz, mənə vəfasız deməyə haqqınız vardır. Qəhrəman — Elə düşünmə Firəngiz! Dünyanı titrədən böyük müharibə bizim də arzularımızı sarsıdacaq idi. Nə etmək olar? Özünü ələ al, sən bir sənətkar kimi öz xalqın üçün yaşamalısan. Firəngiz — Qəhrəman, mənim barəmdə hər cür düşünə bilərsən. Amma mən vəfasız deyiləm. Səni axtarmaq üçün 416-cı diviziyanın keçdiyi bütün ölkələri gəzdim. Nəhayət yoruldum. Sənin naməlum surətdə itdiyini xəbər alandan sonra bir il də gözlədim. Yenə də iqbal məni ikinci kərə cəzalandırdı. Nəhayət özümə bir həyat yoldaşı tapdım. Hərgah mənim kimi bədbəxti qəbul etsən sənin üçün yenə də hər şeyi ataram. Qəhrəman — Yox, Firəngiz! Bunu vicdan qəbul etməz. İkinci bir adamın cəzalanmasına razı ola bilmərəm. Sizə xoşbəxtlik dilərəm. Firəngiz — Mən heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Gərək sən məni bura çağırmayaydın, bu görüş daima mənim qəlbimdə sağalmaz bir yara olub qalacaqdır. Dilbər — (Qəhrəmana) Nə mən, nə də yoldaşlarım bunu heç bir zaman səndən gözləməzdik. Nə üçün bu məsələni məndən gizlədirdin? Mən sənə düşmən idimmi? Qəhrəman — İnan Dilbər! Burada bir şübhə vardır. Firəngiz — Burada heç bir şübhə ola bilməz, məktub redikulumdadır (çıxarıb göstərir). Qəhrəman — (məktubu alıb oxuyur) Mənim sevgilim Firəngiz! Sən azərbaycanlı bir sənətkarsan, mən çox arzu edərdim ki, vətənə gəlmək xəyalın varsa yol üstündə bizim tikdiyimiz zavodu da ziyarət edəsən. Bunu mühəndislər və işçilər kollektivi tərəfindən rica edirəm. Səni sevən Qəhrəman. Dilbər — (ayağa qalxır) Firəngiz, məni bağışla! Məsələ aydındır! (Getmək istəyir). Qəhrəman — Dayan Dilbər! Burada bir şübhə vardır. Dilbər — Rica edirəm sovet qızlarının iqbalı ilə oynama! Dilbər heç bir vaxt sənin zövqünə alət ola bilməz. Bir kərəlik bunu bilməlisən! Zaldan əl çalıb Firəngizi çağırırlar. Qəhrəman — Firəngiz, şübhə hər bir fəlakətin başlanğıcıdır. Bu həqiqəti aydınlaşdırmaq üçün çox vaxt lazımdır. Bir neçə gün burada qala bilərsinizmi? Firəngiz — Yox, Qəhrəman, məni burada saxlama, hər dəfə sənin gözlərinə baxmaq mənim vicdanım üçün böyük bir əzabdır. Mən günahkaram, mən milyonlarca sovet qızlarına qoşulub öz sevgilimi gözləməli idim. İndi isə həm səni, həm də öz e’tibarımı itirdim. Zaldan çağırırlar. Qəhrəman — Dayanma Firəngiz! Sevgimiz məhv olsa da, şirin xatirələr məhv olmayacaqdır. Firəngiz — (son dəfə onun əlini sıxır) Yalvarıram, məni nifrətlə xatırlama! (Gedir). Qəhrəman — Çətinliklər artdıqca mətanətim də artır, çalışacağam. Sevgini qazandıran qələbədir. Qoy macəraçılar şadlanmasın! (Otaqdan çıxır). Pərdə * * * Səkkizinci pərdə Mexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir. Mirzə Teymur — (Mirzə Əhmədlə bərabər gəlir) Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım? Mirzə Əhməd — Doğrusunu axtarsan gənc mühəndislər bizə yalnız işdə qazandıqları qələbə ilə deyil, öz mədəniyyətləri ilə də cavab verdilər. Bizim həsəd və inadlarımızı soyuqqanlılıqla qarşıladılar. Nə isə, şüur məhdudluğu təzə dünyanı öyrənmək üçün bizə imkan vermədi. Mirzə Teymur — Bizim kimi adamlar kimə lazımdır? Mən nələr etmədim? Nə oyunlar çıxarmadım? Nə üçün «Özümü asacağam» — deyə özümü gülünc bir hala qoydum? Doğrudan da Durna çox yerində dedi. Mirzə Əhməd — Durna nə dedi?! Mirzə Teymur — Dedi ki, Fransada nə qədər əxlaq pozğunluğu varsa yığıb gətirib bizim həyatımıza aşılamaq istəyirsən. Mirzə Əhməd — (gülür) Şeytanların biliyi də, iti dilləri də var. Dilbər üzümə dedi: «Amerikada nə qədər qabalıq və məğrurluq varsa hamısını çamadanına doldurub gətirmisən» Doğrudan da mən o qədər qabalaşdım ki, təzə həyata açılan geniş qapıdan içəri girə bilmədim. Bu əsnada Bəhlul ilə Qəhrəman əllərində portfel gəlirlər. Qəhrəman — (Mirzə Əhmədə və Mirzə Teymura) Sizi təbrik edirəm, qazandığımız qələbədə sizin də biliyiniz az rol oynamadı. Mirzə Əhməd — (boğazı tutulan bir halda) Məni utandırma oğlum. Həsəd və inad sənə olan atalıq məhəbbətimi davam etdirməyimə mane oldu. Qəhrəman — Ata! İnan sənə olan hörmət və məhəbbətim zərrə qədər azalmamışdır. Mirzə Teymur — (bir əli ilə Qəhrəmanın o biri ilə Bəhlulun əlindən tutur). Məni təhqir edin, məni töhmətləndirin, haqlısınız. Mən gərək Firəngiz barəsində səninlə Dilbərin arasında düşmənlik yaratmayaydım. Qəhrəman — Onların hamısını unudun. Xırda işlərdir. Gənclər sizi əvəz edirlər. Siz öz biliyinizi onlardan əsirgəməyin, onları ruhlandırın, sizdən tələb olunan ancaq budur. Qalanları isə unudulmuşdur. Mirzə Teymur — Təzə adamları köhnə şüur və köhnə gözlər ilə tanımaq çox çətin imiş. Qəhrəman — Buyurun sexə, komisiya sexi təhvil götürür. Gedirlər. Mirzə Teymur — Sovet adamları nə qədər nəzakətli imiş. Mirzə Əhməd — Sovet adamlarının qiymətli cəhətlərindən birisi də insanlığın qədrini bilməkdən ibarətdir. Mən bunu Amerikada görmədim. Sovet adamları hər şeydən əvvəl insanları düzəltməyə çalışırmışlar. İslah etmək istəyirlər. Durna ilə Dilbər əllərində portfel gəlirlər. Durna — Salam! Bizim əziz müəllimlərimiz bu qələbə münasibətilə sizi təbrik edirik. (Onların əllərini sıxırlar). Mirzə Əhməd — Qızım, elə bir söz söylə ki, mənim vicdanım sakit olsun, məni bağışla! Sənə atalıq etmədim. Mirzə Teymur — Durna xanım, Dilbər xanım, mənim günahımdan keçin! Durna xanım, sənə çox əziyyət verdim. Dilbər xanım, səni Qəhrəmanla döyüşdürmək üçün yazıb Firəngizi buraya gətirtdim. Günahımdan keçin! Dilbər — Əmin olun ki, bu qələbə şəxsi işlərin hamısını unutdurdu. Sovet gəncliyi intiqamçılıq ruhu ilə tərbiyə olunmamışdır. Durna — (Mirzə Teymurun əlindən tutur) Siz də məni bağışlayın. Güllü nənənin çıxardığı oyunlara mən səbəb olmuşam. (Mirzə Teymurun qolundan tutub aparır). Səhnə boş qalır, Güllü ilə Nəsir görünür. Güllü — (Nəsirə) Səndən çox təvəqqə edirəm ki, belə-belə yerlərdə özünü yaxşı aparasan. Bir sözü ağzında bişirməmiş danışma. Nəsir — Mən də səndən çox təvəqqə edirəm ki, mənə nəsihət vermə. İndi mən sən fikirləşdiyin kişilərdən deyiləm. Güllü — Nə oldu? Nəsihət verəndə nə olar? Mən də indi sən düşündüyün Güllü deyiləm, adlı-sanlı bir qadınam. Bəs belə ha, hələ ZAGS-a getməmişdən mənim ağzımı qapamaq istəyirsən? Nəsir — Ay qız, nə üçün məni anlamaq istəmirsən? Elin arasında bir qayda var ya yox? Güllü — Nə qayda var? Nəsir — Arvadın kişiyə nəsihət verməsi kişinin əskikliyidir. Güllü — Qadam o kişinin ağzına dəysin ki, nəsihəti əskiklik hesab edir. Nəsir — İndi ki, söz açıldı, mən də sənə deyirəm, özünü bir qədər yaxşı apar. Acığın gəlməsin, bir qədər açıqsan. Qadın olduğunu unutma! Raykom katibi — (direktor və mühəndislər ilə bərabər sexdən çıxırlar, işçilər sexin qarşısına toplanırlar). Əziz yoldaşlar! Hörmətli mütəxəssislər! Sizin sosializm yarışında qazandığınız bu tarixi qələbəni təbrik edirəm. Mexaniki sexin vaxtından çox əvvəl istifadəyə verilməsi bizə böyük bir müjdənin xəbərini verir. Bununla biz inanırıq ki, bu namuslu kollektiv müharibədən sonrakı beşilliyi dörd ildə vaxtından əvvəl bitirə biləcəkdir. (Hamının əlini sıxır). Direktor — Qəbul komisiyonu görülən işin uca bir keyfiyyət daşıdığını qeyd etməklə bizi sevindirdi. Hamı əl çalır. Katib — Əziz yoldaşlar, sexdən gələn dəzgah səslərini böyük iftixarla dinləyin! Bu səslər qələbə bayramının simfoniyasını tərənnüm etdirir. Daşlı və qumlu bir çöldə ucalan bu gigant, xalqımızın dühasına məxsus mö’cüzənin əzəmətli bir heykəlidir. Bu heykəl Amerika və Avropa üstünlüyünə səcdə edənlərə qarşı qəti bir cavabdır. Musiqi çalırlar. Direktor — (Mühəndislərə) Yoldaşlar, nə qədər ki, kolxozlardan çağırılan qonaqlar gəlməmişdir, siz mükafata təqdim ediləcəklərin siyahısını hazırlayın! Qəhrəman — Siyahı hazırdır, icazə verin mühəndis Dilbər oxusun. Mirzə Teymur — (irəli keçir) Möhtərəm katib, hörmətli direktor, icazə verin böyük zəhmət ordusunun qarşısında öz günahlarımı boynuma götürüm. Direktor — Buyurun mirzə, sizin nə kimi bir günahınız ola bilər? Mirzə Teymur — Biz elə bilirdik ki, gənc mütəxəssislər mexaniki sexi vaxtından əvvəl deyil, vaxtından sonra da bitirə bilməyəcəklər. Sovet mütəxəssislərinin bu qələbəsi mənim şüurumda olan köhnə fikirləri darmadağın etdi. Mən burada gördüyüm bacarığı və sovet adamlarında gördüyüm mədəniyyəti Avropada görməmişdim. Mirzə Əhməd — Mən sovet dünyasına iki gənc mütəxəssis vermişəm, birisi Dilbər, o birisi də Qəhrəmandır. Lakin onların bu böyük vəzifənin öhdəsindən gələ biləcəklərinə inanmırdım. İndi isə onlar məni utandırdı. Gənclərdə polad iradə varmış. Mən belə bir məmləkətdə yaşadığıma iftixar edirəm. Mirzə Teymur — Sosializm mədəniyyətilə tərbiyə olunmuş sovet adamları dünyada ən nəzakətli adamlardır. Bunu mən öz həyatımda sınaqdan çıxardım. Katib — Mən elə zənn edirəm, siz mirzə teymurlar və mirzə əhmədlər təzə dünyanı qurmaq işində yenə də dəyərli işlər görə bilərsiniz. Siz inanın, sovet gəncliyindən hörmətdən başqa bir şey görə bilməyəcəksiniz. Mirzə Əhməd — Artıq biz buna inanırıq. Biz yaşımızın çoxluğuna baxmayaraq təzədən doğulduq. İçində olduğumuz həyat bizim şüurumuzu təmizlədi. Katib və direktor işçilərin və mühəndislərin əllərini sıxırlar. Nəsir — (direktorun əlini sıxır) Bağışla yoldaş direktor, sizə bir müxtəsər sözüm var. Direktor — Buyur Nəsir dayı! Nəsir — Mən öz gələcək həyat yoldaşım Güllü barəsində danışmaq istəyirdim. Direktor — Güllü xanımı mükafatlandırırıq, həm də onu kursa göndəririk. Nəsir — Bu olmadı ki, bu gün sabah mənim toyumdur, bir tərəfdən də gəlini kursa göndərirsiniz. (Həyəcanla) Deyəsən mən Bakıya getməli olacağam. Güllü — Nəsir, eyibdir, bir qədər özünü ələ al. Adlı-sanlı işçiləri kursa göndərirlər. Kursa getməklə səni atmıram ki, yenə qayıdıb gələcəyəm. Nəsir — Güllü, həyatımı da kəbininə salıram, əmanət kassasında olan pullarım da sənin olsun, gəl bu daşı ətəyindən tök. Güllü — Dünyanı mənə versən də gedəcəyəm. İndi ki, hökumət və partiya bizi adam etmək istəyir, heç kəs mənə mane ola bilməz. Dilbər — Ay Nəsir dayı, sən həmişə iddia edirsən ki, mən təzə adamam. Təzə adam da öz qadınının oxuyub sənətkar olmasına mane ola bilərmi? Nəsir — Ay Dilbər xanım, təzə adamda ürək olmazmı? Mənim də arzum var axı, niyə mənim toyumu yasa döndərirsiniz? Durna — Yaxşı, Nəsir dayı, səbr elə bu məsələni sonra həll edərik. Hələ vacib işimiz çoxdur. Qəhrəman — (məclisə) İcazə verin Dilbər siyahını oxusun. Dilbər — Staxanovçulardan İsmixan Rəhimov, özü köhnə çobandır. Nəsir — Yoldaşın fəaliyyətinə heç bir söz ola bilməz. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Güllü — (onun ətəyindən dartır) Sənə yüz kərə demişəm ki, hər işdə yuyulmamış qaşıq kimi özünü aralığa soxma. Dilbər — Nəsir dayı, səbr elə, siyahını çərkə ilə oxuyacağam. Güllü — (Nəsirə) eşitdin ki? Nəsir — Sən qoyacaqsan mən ad-san qazanım ya yox? Hamı gülür. Dilbər — Mexaniklərdən Katelnikov yoldaş. Nəsir — Belə ha, ləyaqətli yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Güllü — Sən qoyacaqsan xalq işini görsün? Nəsir — (acıqlı) Sən də qoyacaqsan mən özümü irəli çəkim? Dilbər — Straşnov yoldaş. Nəsir — Əvəzsiz bir yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu. Dilbər — Staxanovçu qadınlardan Səlmə xanım! Nəsir — (məclisə) Elmi-şəmə mə’lum şod. Bu ki, lap ağ oldu. Başı papaqlılar burada dura-dura çarqadlıları irəli çəkirlər. Yox, bu işdən yaxşı qoxu gəlmir. Dilbər — Güllü nənə! Nəsir — (direktora) Mühəndislər qadın olduğu üçün qadınları irəli çəkirlər, niyə bizim qeydimizə qalmırsınız? Evin kişisi burda dura-dura evin arvadını irəli çəkmək düzgün deyil axı! Dilbər — Nəsir dayı, niyə əsəbiləşirsən? Hələ bir çoxlarının adı oxunmamışdır. Sənin də adın vardır. Qəhrəman — Sən normanı 140 faiz doldurursan. Səni unutmaq olarmı? Nəsir — Ay camaat, bunlar nə üçün məni anlamır? Axı bu zalımın qızı ilə bir damın altında yaşayacağam. Siz ki, onun adını məndən irəli salırsınız, həmişə dili uzun olacaq. Bəhlul — (Dilbərə) Dilbər, Nəsir dayı doğru deyir. Burada bir qədər qərəz işlənibdir. Gülürlər. Nəsir — Belə ha, kişi oğlusan. (Papağını göstərir) Papağın qeyrətini çəkən oğlansan. Direktor — Nəsir dayının könlü necə istəyirsə elə də edin! Katib — Mirzə Teymur və Mirzə Əhmədi də qeyd etmək lazımdır. Dilbər — Hər ikisi qeyd olunmuşdur. Mirzə Teymur — (irəli keçir) Rica edirəm məni utandırmayın, mən mükafata layiq adam deyiləm. Ancaq bir xahişim var. Qoy gənc mühəndislər məni öz sıralarından uzaqlaşdırmasınlar. Onlar bundan sonra burada tamamilə başqa bir Mirzə Teymur görəcəklər. Bəhlul — Mirzə, inanın, gənc mütəxəssislər sizə hörmət bəsləyib yenə də bəsləyəcəkdir. Mirzə Əhməd — Bizim günahımız silinməz bir günahdır, çünki biz sovet gəncliyinə çox ucadan baxdıq. Bizi cəzadan qurtaracaq bir cəhət varsa o da sovet adamlarının alicənablığıdır. Bizi öz çərkələrinizdə saxlayın, hələ işləməyə qüvvətimiz var. Hamı əl çalır. Baş mühəndis — (Durna, Bəhlul, Qəhrəman və Dilbəri aralığa çəkir). Yoldaş katib, mən birinci gündən bunların bacarığına inandım, bu günkü qələbə göstərdi ki, mən öz zənnimdə yanılmamışam. Direktor — Bu yoldaşları da başqa mühəndislərlə bərabər ali mükafata təqdim edəcəyəm. Əl çalırlar, musiqi tərənnüm edir. Dilbər — (gəlib Qəhrəmanın əlini sıxır). Səni ürəkdən təbrik edirəm. Adın da Qəhrəmandır, işdə də qəhrəmanlıq göstərdin! Qəhrəman — Çox razıyam Dilbər! Ümid edirəm ki, sən də bu əli məndən almayacaqsan. Dilbər gözlərini ayaqlarına dikib utanır. Durna — (yavaşdan) Dilbər, daha nəyi düşünürsən? Cavab versənə! Mirzə Əhməd — (gəlib Qəhrəmanı və sonra Dilbəri öpür) Qızım, mən Qəhrəmanla barışdım, sən özün bilərsən. Dilbər — (gözlərini qaldırıb Qəhrəmana baxır) Qəlbimi də bu əlin üstünə qoyub sənə tapşırıram. Əl çalırlar. Durna — (Bəhlulun əlini sıxır) Sənə də böyük müvəffəqiyyətlər diləyirəm. Bəhlul — O sənin bir sözündən asılıdır. Durna — Söz verirəm. Mirzə Teymur — (gəlib Durnanın əlini sıxır) Xoşbəxt olun! Mən səhvlərimi boynuma alıram. Mən axmaqcasına, öz xoşbəxtliyimi gənc bir qızın bədbəxtliyi üzərində qurmaq istəyirdim. Nəsir — (məclisə) Burada hamı xoşbəxtdir, hamı öz işini düzəltdi, bədbəxt olan mən oldum, bu gün-sabah xeyir işim baş tutacaq idi. Göyərçinimi götürüb kursa göndərirlər. Heç dəxli var? Direktor — İndi çalıb, oynayın! Gələcək mübarizə marten sobalarının montajı üzərində gedəcəkdir. Hamı — Söz veririk yoldaş direktor. Musiqi çalınır, Güllü Dilbərlə Durnanı aralığa çəkir. Güllü — Dayanmaq nə lazımdır? Vətən rəqsi, Azərbaycan rəqsi! Dilbər və Durna oynayır. Qəhrəman — (İsmixana) Ay İsmixan, mən ölüm bir çoban bayatısı! İsmixan — Sən niyə ölürsən, qoy sənin düşmənin ölsün. (Oxuyur) Ceyran gəzər daş üstə Telin düzər qaş üstə, Ay qız məndən incimə Hər nə desən baş üstə. Qarabağda bağ olmaz, Sarı çiçək ağ olmaz, Qonşuda qız sevənin Ürəyində yağ olmaz! Səslər — Sağ ol İsmixan! Bəhlul — Güllü nənə, portfel rəqsi! Hamı — Portfel rəqsi, portfel rəqsi! Dilbər — Nəsir dayı, niyə dayanmısan? Nəsir — Nəsirdə Nəsirlik qoydunuz ki? Güllü — (Onun qolundan tutub aralığa çəkir) Gəl görək, necə ili dözən, bir neçə ay da dözər. (Nəsir portfeli götürüb rəqs etməyə başlayır, nəhayət Güllü onun əlindən portfeli alıb deyir). Necə illərdir portfel dalında başını gizlədin bəsdir. İndi işləmək lazımdır. Mürid kişi — (Kolxozçularla bərabər gəlir) Sumqayıt! Sumqayıt! Bu mö’cüzələri kim yaratdı? Kimin ağlına gələrdi? Qumlu bir səhrada təzə bir dünya yaranacağına kim inanardı? Qəhrəman — (Bəhlul ilə bərabər onu qarşılayırlar) Mürid baba, gördüyünüz bu təzə dünyanı yaradan gənclərdir. Sizin vətəninizdə mö’cüzələr yaradan Kommunist partiyasıdır. Mürid kişi — (onları öpür) Yaradın balalarım! Sizi yaradan təbiətə, sizi tərbiyə edən partiyaya və hökumətə eşq olsun! Yeni dünyanın quruçularına eşq olsun! Katib — (kolxozçulara) Xoş gəlmisiniz əziz kolxozçular. Bu qələbə münasibətilə sizi də təbrik edirəm. Sizin həqir daxmalarınızın yerində möhtəşəm bir şəhər yaradılmaqdadır. Güllü — Yaxşı gəlmisiniz ay Xırda xanım, ay qız Göyçə, niyə bu tərəflərdə görünmürsünüz? Nazlı xanım, gəl bir səni öpüm, Cavahir, həmişə yadımdasan. (Hamısı ilə öpüşüb görüşür). Nəsir — (Əliqulunu qucaqlayıb öpür) Kolxozda nə var, nə yox? Mənim işim çox yaxşıdır. Medalım da var. Özümü də indicə mükafata yazıblar. Güllü də staxanovçudur. Qəhrəman — (kolxozçulara) Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Bayquş səslərinin yerində zavodların fitlərini eşidirsiniz, dəzgahların səsi sizi salamlayır, minlərcə elektrik lampaları sizin yurdunuzu işıqlandırır. Təzə və mədəni həyat sizi öz qucağına alır. Bu axşam sizinlə bir süfrədə bu bayramın təntənəsini keçirəcəyik. (Hamısı ilə görüşür.) Güllü — (Dilbər və Durnanı kolxozçu gəlinlərə göstərir) Bunlar da mühəndislərdir. Canlara dəyən qızlardır. Kolxozçu qadın və qızlar onları qucaqlayıb öpürlər. Katib — (kolxozçulara) Əziz yoldaşlar, indi də gedək təzə tikintilərə tamaşa edin. Pərdə musiqi tərənələrilə enir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-boyuk-qurulusda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.