Bu da bir mö’cüzə Məmməd Səid Ordubadi (1872–1950) Bu da bir mö’cüzə (Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.) Əsərdə iştirak edənlər Hüseyn – komsomolçu, kolxoz üzvü. Qulaməli – komsomolçu, kolxoz təşkilatçısı. Əli kişi – ortabab kəndli, kolxoz üzvü. Şə’ban kişi – yoxsul kəndli, kolxoz üzvü. Güllü – komsomolçu qız. Qasım – qolçomaqlar. Nəzər – qolçomaqlar. Abdulla – qolçomaqlar. Rüstəm – qolçomaqlar. Saleh – qolçomaqlar. Cəlal – qolçomaq Qasımın nökəri. Tərlan – Qasımın ev qulluqçusu. Molla Nəcəf – kənd mollası. İskəndər – avam kəndli. Qüdrətəli – avam kəndli. Səlim – kənd şurası sədri. Xələf – kolxoz üzvü. İki nəfər milis. Bir dəstə kəndli. * * * Birinci pərdə Birinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır. Qolçomaq Qasım əlində təsbeh evi dolanır. Qasım — (kəndlilərə) And olsun bu Kərbəla türbətinə, (əlini vurur təsbehə) siz bilirsiniz hər şeyə yalandan and içmək olsa da, bu təsbehə olmaz. Öləndə də bizi qurtaran budur. Yenə and içirəm. Mənim siz kəndlilərə yazığım gəlir. Yoxsa, mənə nə vardır? Mən hər çür olsa, köçümü sudan çıxaracağam. Hüseyn — Bəs elə isə, nə üçün iki put un verib bağçamı əlimdən çıxaranda mənə yazığın gəlmədi? Qasım — (gülür və məclisə deyir) Bax, indi mən deyənlər bir-bir zühura gəlir. Mən sizə demişdim ki, birisinin ağlı qaçmasa, allahı danmaz. Birisinin başı xarab olmasa, gedib komsomola yazılmaz. Birisinin ağlı qaçmasa malını şərikli eləyib, ağrımaz başına dəsmal bağlamaz. Budur, bax, bu Hüseyndən nümunə götürün! Hüseyn — Çox gözəl, qoy nümunə götürsünlər. Qasım — Bəli, nümunə götürsünlər. Hərkah sən dəli olmasan, gətirib alver işini bura qatmazsan. (Məclisə) Siz allah heç bunun bir məsələyə dəxli varmı? Nə var, nə var, buna iki put un vermişəm və bağçası da mənim behimə çıxıbdır. Siz allah, bir bunun ağlına baxın! Hüseyn — Sən öləsən, heç təsbehi-zadı aralığa çəkmə! Kərbəlanın özü də gəlsə, sizin işinizə kömək etməz. Daha cib doldurmağın vaxtı deyildir. Qasım — Balam, de görüm, axır səni bura kim çağırdı? Qoymazsınız xalq qohum-qardaşını yığıb ölüsünə bir həmd-surə oxutdursun? Hüseyn — Yox, məsələ ölü məsələsi deyil! Həmd-surəni bu diri ölülərə, bu avam kəndlilərə oxumaq istəyirsən. Onu da ki, biz qoymayacağıq. (Barmağını silkələyir). Gözünü yaxşı aç və məni tanı! Qasım — Ada, sən nəçisən! Ay lütün birisi, qoy o adam danışsın ki, onun bir şeyi olsun. Nəyin sahibisən? Hüseyn — Mən? Qasım — Bəli, sən! Hüseyn — (gülür) Əvvələn budur ki, heç bir zadım olmasa da, səsim vardır. İkincisi isə hökumət mənimdir. Adamın gözünü çıxararam! Qasım — (gəlib oturur yerində) Mən heç! Allah atana rəhmət eləsin. Hüseyn — Öz atana rəhmət eləsin. Qasım — İndi ki, bizim öz evimizdə də danışmağa haqqımız yoxdur, daha nə danışaq? Əli kişi — (Hüseynə) Ay Hüseyn, sən olasan vicdanın, qoy görək Qasım nə demək istəyir? Hüseyn — Qoy desin. Mən onun ağzını tutmamışam. Ancaq dediyim odur ki, yekəağız danışmasın. Qasım — (açıqlı qalxır). Mən yekəağız danışmıram. Yekəağız sənsən ki, 60 yaşında atan burada otura-otura sən ağzına gələni danışırsan. Hüseyn — Atam kimi avam adamları başa salıb sizin fırıldaqlarınızı onlara qandırmalıyıq. Qasım — Burada bir fırıldaq yoxdur. Mən deyirəm ki, camaat bir kor öküz və bir çolaq atını da əldən çıxarmasın. Kommunist firqəsi özü deyir ki, qoy hər kəs özü işləyib, özü yesin. Daha nə kolxoz bazlığdır? Hüseyn — Bax, fırıldaq da bundan ibarətdir. Hərkah kor öküzlü və çolaq atlılar tək başına qalarsa, o vaxt siz onları rahatçasına boğub özünüzə qul qayırarsınız. Elə ki, kolxoz oldular, onda kor öküz dönüb traktor olacaqdır. Çolaq atların yerində əkindən, toxumtəmizləyən maşınlar qoyulacaqdır. Onda fatihəni və həmd-surəni sizə oxuyacağıq. Qasım — Əlbəttə, sənə əl verər. Çünki sənin bir pişiyin də yoxdur. Hüseyn — (gülür) Mənim hər şeyim vardır. Kooperativim vardır. Kredit cəmiyyətim vardır. Kənd təsərrüfat bankım vardır. Birisi malını, heyvanını gətirər; o birisinin də əvəzində hökumət kredit verər. Borc maşın verər. Qasım — Xəyalpilov! Nəzər — Boş və quru vədə. Abdulla — Göz boyamaq! Qulaməli — Biz kolxozda heç bir şey itirmirik. İtirdiyimiz bir şey varsa, o da sizin ağır sələmli borclarınız və söyüşlərinizdir. Kolxoz olmağı bizə heç kəs təklif etməsə də, onu həyatımız tələb edir. Sizinlə və ehtiyacla mübarizə üçün indi bir əl kifayət deyildir. Qasım — (oxuyur) Sən get özün bir kərə Kolxoza gir, Qulaməli! Kəndlilərə rəhm edib Qazma qəbir, Qulaməli! Kəndliləri qoy qala Öz komasında, ağa. Kolxoz işin qoy qala. Bə’zi para axmağa. Hüseyn — (Qasıma) Öz başına noxta vur, Yoxdu daha köhnə kənd. Qulaməli — Oldu sənin son günün Qursan əgər əlli fənd. Əli kişi — Yoxsul eşitməz səni, Əvvəli bir şir idin. Şə’ban kişi — Əvvəli bir şir idin, İndi tökülmüş dişin. Qasım — Vallah! Billah! And olsun Atam ağa Şərifin sümüklərinə. Hüseyn — Salavat çevirin! Qasım — Eşidəndə ki, birisi kolxoza girib, lap ağlamağım gəlir. Mən heç vaxt bunların dağılmasını istəmirəm. Qulaməli — Bu kimi tülkü dillərini qoy dursun. Kəndlini sizdən başqa heç kəs dağıtmaz. (Şə’ban kişiyə) Şə’ban kişi, düzünü söylə, sən iki ildir ki kolxozdasan. Mənfəətdən başqa nə görmüsən? Şə’ban kişi — (qalxır) Mən yoxsul kəndliyəm. Yaltaqlıq zad da bilmərəm. Öz əlimin bərəkətindən hökumətə də ehtiyacım yoxdur. Bu kənd hamısı bilir ki, mənə çılpaq Həsənin oğlu deyirlər. (Qasıma) Əlbəttə, bu adı da sizin kimi qolçomaqlar mənə qoymuşdu. Çünki soymalı bir şeyim yox idi. Amma indi bu ayaqqabılarım! Baban patinka geyməyibdir. Bu əynimin paltarı! Evimdə illik azuğam. Qəndim, çayım. Bax bu da cibimin pulu! (Bir dəstə çervon göstərir.) Qüdrətəli — Onlardan mənə də verərlərmi? Şə’ban kişi — Niyə vermirlər? Kooperativ bizim deyilmi? Doğrusunu deyirəm, hər yeri dişimə vurub naümid olandan sonra gedib kolxoza yazıldım. Kaş bu, beş il qabaq olaydı! Əli kişi — (kəndlilərə) Vallah Şə’ban kişi doğru deyir. Keçən qış mən həman bu Abdullanın özündən üç put un istədim. Dedi ki, qızını verməsən verərəm. Məclisdən — Tfu, sənin zatına lənət! Hüseyn — (qalxır) Bax, indi məsələ aydınlaşdı. Hökumətin cibi sizin cibinizdir. Pul lazım olanda oradan götürün! Pulu salanda da öz cibinizə salın. Qulaməli — Yoldaşlar! Qasım — (qalxır). Otur yerə, qardaş! Otur! Mənim evim qiraət komasi deyil ki, yerindən qalxan durub boşboğazlıq eləsin. İclasınızı aparın ora. Kəndlilər — Qoy danışsın! Qulaməli — Əvvələn budur ki, heç darıxma! (məclisə) Yoldaşlar! Torpaq yalnız biz kəndlilərin öz qarnını doydurmaq üçün deyildir. Abdulla — Bəli, fabrikdə lotu-potulara çörək borcluyuq. Qulaməli — (əynini-başını göstərir) Yoldaşlar! Bunları toxuyub kəndə göndərənlər də bizdən çörək istəyirlər. Abdulla — Cəhənnəmə istəyir, qora istəyir. Qulaməli — Biz kolxoz vasitəsilə istehsalı artıra bilməsək, onlarla olan əlaqəmiz möhkəm olmayacaqdır. Nəzər — Heç olmasın. Dibindən olmasın. Qulaməli — Siz bu qarnı piyli tülkülərin sözünə baxmayın! Qolçomaqlar — Tülkü atandır. Tülkü özünsən! Şə’ban kişi — (Hüseynə) Heç bir-birinizə dəyməyin! Sən götür bir kağız. Hər kəs kolxoza girmək istəyir, adını yaz! Hamı birdən — Yazılırıq! Yazılırıq! Hüseyn əlində qələm irəli keçir. Qasım — (tələsik qalxır ayağa). Deyin görüm müsəlmansınız ya yox? Məclis — Müsəlmanıq! Qasım — Qur’ana inanırsınız ya yox? Məclis — (bə’zi səslər) Əlbəttə inanırıq. Qüdrətəli — Qur’anın burada nə işi vardır? Qasım — Necə nə işi vardır? (Cəlala.) Ada Cəlal! Tez get məscid həyətindən Molla Nəcəfi çağır! Qoy bir istixarə eləsin. Hərkah yaxşı gələrsə, özüm də girəcəyəm. Qulaməli — Kolxozda töylə yoxdur! Qasım — Heyvan özünsən! (Cəlala) Ada, durma, get! Hüseyn — Ay avam kəndlilər! Qur’an hara, kolxoz hara? Şəriət hara, təsərrüfat hara? Hərkah Qur’ana baxsaq, mülkədarların torpaqlarını da özünə qaytarmalıyıq. Qasım — Biz hamımız müsəlmanıq. Allaha şükür, dinimizdən, məzhəbimizdən əl də çəkməmişik. Qur’an nə desə, odur. Mənim atam-anam onu bizə gətirənə fəda olsun. (Molla Nəcəf gəlir.) Bax, indi sözün doğrusunu allahın kəlamı söyləyəcəkdir. Hüseyn — (oxuyur) Molla Nəcəf, yubanma! Eylə bir istixarə! Bərkə düşüb qolçomaq, Dərdinə eylə çarə. Qulaməli — Əski həyat ölməyə Başladı, durma, molla! Dinc oturub boş yerə Boynunu burma, molla! Hüseyn — Molla Nəcəf yardım et, Müştərək oldu torpaq. Bu işə əngəl quran Dördcə nəfərdir ancaq! Şə’ban kişi — İldə taxıl yığırdın Müftə, müsəlləmcə sən. Aç kitabı, çarə tap, Yoxdu xüsusi xirmən. Qolçomaqlar — Bunlara asma qulaq, Çünki müsəlman deyil. Hər biri bir komsomol, Sahibi-vicdan deyil! Molla Nəcəf salavat çevirir və qur’anı açır. Kəndlilər — Yə’ni nə olmuş ki? Molla Nəcəf — Sakit olun! Allahın kəlamına mütəvəccih olun! Xudavəndi-aləm öz kəlami-şərifində buyurur ki, «La-xeyrə fi həzihil ümur» Kəndlilər — Yə’ni nə olsun ki! Molla Nəcəf — Xudavəndi-təbarək və taala öz qur’ani-şərifində buyurur ki, bu işdə xeyir yoxdur. Abdulla — E’tiqadı olmayanın zati-südünə lə’nət! Nəzər — Xudavənda! Səni tanımayanları öz qəzəbinə giriftar elə! Qasım — (kəndlilərə). Buyurun! Bu allahın kəlamı, bu da siz. Bunu da mən özümdən deyirəm? Kəndlilər bir-birlərinə baxırlar. Rüstəm — (bayırdan çığıra-çığıra gəlir). Mö’cüzə oldu! Mö’cüzə oldu! Kəndlilər ayağa qalxır. Molla Nəcəf — (tələsik). De görüm, ey allahın bəndəsi, nəcə mö’cüzə! Məkər nə vaqe olubdur? (Camaata.) Camaat, salavat çevirin! Camaat — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Rüstəm — Xələf Heybət oğlu dünən özünü kolxoza yazdırdığı üçün bu gün atı daşdan düşüb ölmüşdür. Molla Nəcəf — Bir salavati-qərra daha! Məclisdən — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Molla Nəcəf — Xudavənda! Sən mö’minlərin canını, malını öz hifzi-himayətində saxla! Qasım — Bəli, bu da mö’cüzə! Kəndlilər həyəcana düşürlər. Molla Nəcəf — And olsun o çağırdığım Hüseynə! And olsun çahardah mə’sumə! Mənə yəqin olmuşdur ki, bizim kəndi bəla tutacaqdır. Abdulla — (tələsik). Molla Nəcəf, məkər yenə xəbər vardır? (Öz-özünə) Sübhanəllah! Xudavənda, sən bizə nicat ver! Molla Nəcəf — (boğazı tutula-tutula). Dünən gecə xiftən namazını qıldım. Başım səcdədə bu yazıq xalqın halını düşünürdüm. O fikir içində məni yuxu apardı. (Əllərini göyə tutur) Xudavənda, sənə pənah aparıram! Qolçomaqlar — Molla Nəcəf, nəql elə, daha bizdə taqət qalmadı. Molla Nəcəf — Elə ki, huşa getdim onda gördüm ki, kəndin üstünü bir qara duman tutmuşdur. Tüstünün kənarında bir ağ atlı durmuşdur. Qolçomaqlar — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Molla Nəcəf — Ağ atlının başında yaşıl əmmamə. Barmağını hara tutursa, alovla tüstü də o tərəfə hücum edir. Qolçomaqlar — (ağlaya-ağlaya) Molla Nəcəf, bəs, sonra necə oldu? Molla Nəcəf — Həzrətin ayağına yıxıldım. Yalvardım. Amma həzrət məndən üzünü çevirdi. Saleh — (Bayırdan çığıra-çığıra gəlir) Mö’cüzə! Mö’cüzə! Mö’cüzə! Molla Nəcəf — (Əllərini göyə qaldırır) Xudavənda! Bu nə müsibətdir? Bu nə bəladır? Yenə nə mö’cüzədir? Saleh — Nə olacaqdır? Bu gecə Şahverdinin nənəsi Nisa qarı görmüşdür ki, göydən bir odlu bulud düşdü. Buludun içindən əlində oddan məş’əl olan bir zat çıxmışdır. Molla Nəcəf — Allahın bəndəsi! Tabım kəsildi. Dalını söylə! Saleh — Həman nurani kimsə əlində məş’əl kolxozun taxıl tayalarına tərəf getmişdir. Bir neçə dəqiqə içərisində taxıl tayalarını yandırıb yenə də buluda minib gözdən qeyb olmuşdur. Qolçomaqlar — Bu da bir mö’cüzə! Molla Nəcəf — Ey mö’minlər, qorxun allahın qəzəbindən! Qayıdın allahın yoluna! Kəndlilər heyrətlə bir-birlərinə baxırlar. Qasım — (məclisə) Buna sözünüz nədir? Göylər, buludlar, qəzavü-qədər ki, bizim ixtiyarımızda deyildir. Yenəmi gözünüzü açmayacaqsınız? Yenədəmi bu gədə-küdənin sözünə baxacaqsınız? Deyin görüm, indi sözünüz nədir? Şə’ban kişi — Mənim özgələrlə işim yoxdur. Ancaq dediyim odur ki, nə qur’an, nə də mö’cüzədən qarın doymaz. Təsərrüfatı qaldırmaq və əl-ələ vermək lazımdır. Qolçomaqlar — (kəndlilərə baxıb oxuyurlar) Biz demədikmi kolxoz, Fayda verən şey deyil. Biz demədikmi, kişi, Şaşma, bu işdən çəkil! (Şə’ban kişiyə) İndi necə bax, sizə Eyləmiş allah qəzəb. Söyləmədik: kolxozu Kəndimizə salma dəb?! Molla Nəcəf — Molla Nəcəf heç zaman, Söyləməmişdir yalan. Molla deyir daima, Sən ulaq ol, mən palan. Hüseyn — Anlamışam mən nədir Molladakı mö’cüzə. Yüz belə mö’cüz çıxa Faidə verməz sizə. Qulaməli — İş belə getməz, sizin Masqaları yırtarıq, Aləmi mö’cüz tuta Biz sözümüzdə varıq! Hamı komsomolçular birdən oxuyurlar: Tutmadı baş hiylələr, Anlaşılıbdır tələ. Köhnə zamanlar keçib, Həll olunub məsələ. Pərdə düşür. * * * İkinci pərdə Əhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir. Hüseyn — (Şə’ban kişiyə). Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır. Şə’ban — Yox, Hüseyn, elə düşünmə! Fikirləşmək lazımdır. Bu gün kolxozun taxılını yandırarlar. Sabah atını daşdan atıb öldürərlər, bu biri gün traktorun vintlərini oğurlarlar. Daha onda bizim nəyimiz qalar? Hüseyn — Heç fikir eləmə! O qədər olsun ki, işin izini tapım. Onda bir at əvəzinə yüz at alacağam. Onları vardan-yoxdan çıxaracağam. (Gəlib əlini vurur çiyninə). Qorxma! Sənə söz verirəm ki, hər şey düzələcəkdir. Qulaməli — (daxil olur və məclisə söyləyir). Siz öləsiniz, bizim aramızda candan tikan çıxaran və işləyən adamlar çox azdır. Bu gün səhərdən yenə də Qasımın evində iclasdır. Nə qədər çalışdımsa, yenə ora göndərməyə bir adam tapa bilmədim. (Gəzişməyə başlayır). Nə isə bir şey öyrənə bilmədim. Hüseyn — Heç naümid olma! Bizim içərimizdə işləyənlər də vardır. Qasımın da evində adamımız yox deyildir. Qasımın ev qulluqçusu bizim tərəfimizdədir. O, batraq qızıdır. Xüsusən neçə gündən bəridir ki, Güllü yoldaş bu işin üstündə çalışır. Şə’ban — (sevinçək qalxır). Güllü bacını kişi gördüm. Qulaməli — Güllünün bir eybi budur ki, Hüseynə ərə getmək istəmir. Şə’ban kişi — Doğrusu, mən siz komsomolların işindən baş çıxara bilmirəm. Hüseyn də dəlidir, Güllü də. Yeməkləri bir yerdə, işləmələri bir yerdə, gülüb-danışmaqları bir yerdə, gülüşür, zarafatlaşırlar, elə ki, evlənmək, ərə getmək adı gələndə ikisi də deyir ki, biz yoldaşıq. Qulaməli — İkisi də bizi aldadırlar. Mən bilirəm ki, dərsdən qurtarandan sonra evlənəcəklər. Hüseyn — İndi evlənmək, ərə getmək vaxtı deyildir. Qabağımızda böyük vəzifə durur. Biz ikimiz də yoldaşıq. Hərkah məni həmişəlik yoldaşlığa qəbul edərsə, sözüm yoxdur. O mənim düşündüyüm kimi düşünməzsə, yenə də möhkəm yoldaşlığımız yerindədir. Güllü — (gəlir) Mən sizə dedim ki, hərkah bu tülkülərin yuvasını dağıtmasam, başımdakı qırmızı çalma, köksümdəki «KİM» mənə haram olsun. Dedimmi, ya yox? Məclisdən — Bəli, dedin! İndi necə olub ki? Güllü — Mən sizə dedim ki, hərkah bu qolçomaqlardan intiqam almasam, bir də bu komaya qayıtmayacağam? Məclisdən — Bəli, dedin! Hüseyn — (yüyürüb qarşı-qarşıya Güllünün əllərindən tutub soruşur) Hələ bu qədər öz şücaətindən demə! Doğrusunu və qısasını de görüm, nə iş görmüsən? Güllü — (barmağilə qırmızı kuşədə Lenini göstərir) Lenin yoldaşa söz vermişdim. İndi ondan xəcalətli qalmadım. Mən! Mən! (Əlini sinəsinə vurur). Vəzifəmi bitirmişəm, caniləri tapmışam. İndi onlardan bütün tarixin intiqamını alacağam. Ölənlərin, namusu ayaqlananların, malı, hüququ paymal olanların haqq-hesabını onlardan istəyəcəyəm. Qulaməli — Güllü yoldaş, bəsdir, bağrım çatladı. De görüm nə qayırıbsan? Güllü — Xələf heybət oğlunun atını daşdan atıb qılçasını sındıran Rüstəm özüdür. Taxılı yandıran Salehdir. Traktorun parçalarını oğurlayan Qasımın nökəri Cəlaldır. Bu gecə də gedib taxıl anbarını yandıracaqlar. Hüseyn — (bağırır) Atalarına bu saat od vuraram! Güllü — (əlini qoyur Hüseynin döşünə) Elə olmaz. Hay-küy salsan heç bir mənfəət çıxmaz. Səbr et! Necə deyirəmsə, elə də etmək lazımdır. (Şə’ban kişiyə) Bu saat gedib kənd şurasının sədrini taparsan. Bir nəfər milislə bərabər Əli kişini də götürüb anbarın ətrafında olarsan. Onlar əllərində neft qabı anbarı yandırmağa gələcəklər. Düz-doğru dutub bura gətirərsiniz. Şə’ban kişi — Bəlkə gəlmədilər. Onda necə olsun? Güllü — Tez get! Yoxsa anbarı yanmış görərsən. Bir kimsəyə demə! Kənd şurasının özünü də harda gördünsə daha gözdən buraxma! (Məclisə) İndi qaldı başqa məsələlər. Hüseyn — Nə kimi məsələlər? Güllü — (Qulaməliyə) Düz-doğru gedərsən, Abdullanın anbarından traktorun parçalarını bir meşoka doldurub verərsən Abdullanın dalına, gətirərsən bura. Qulaməli — Təkmi gedim? Güllü — Yox! İndi komsomolçulardan çağırmışam, bura gələcəklər. Qulaməli — Güllü yoldaş! Dediklərin doğru olsa daha sənə şübhəm qalmadı. Bir neçə komsomolçu daxil olur. Güllü — Qulaməli hara gedərsə, onunla bərabər gedin! Qorxmayın! Fəqət ehtiyatlı olun! Kəndlilər yavaş-yavaş komaya daxil olurlar. Qulaməli komsomolçularla gedir. Qüdrətəli — Yəqin ki, allahın bəlası bizi dutubdur. Bu gün Molla Nəcəf yenə yuxu görübdür. Çayçı dükanında danışırlar ki, yenə bəla nazil olacaqdır. Xalq qorxuya düşmüşdür. İskəndər — Qəribə burasıdır ki, onun yuxusunun heç birisi də yalana çıxmamışdır. Güllü — Bəs indi ki, o, qeybdən xəbər verən və hər bir şeyi bilən adamdırsa, nə üçün özünə bir gün ağlamamışdır? Peşəsi dilənçilikdir. Qüdrətəli — Necə dilənçilikdir? Güllü — Bəli, lap dilənçilikdir. Lap da rəzil dilənçidir. Qüdrətəli — O öz elminin bərəkətindən dolanır. O da olmasa, bizim xeyir-şərimizi kim yerbəyer eləyəcəkdir? İskəndər — (məclisə) Elə bir mö’min atadan bunun kimi qız kimin ağlına gələrdi? Güllü — Atamın vaxtı keçdi. O vaxt daha qayıtmayacaqdır. Çünki o vaxtda olan işlər və adətlər bizi yaşada bilməz. İndi mənim əsrimdir. İndi komsomol gedən yol ilə gedib yeni bir dünyaya çıxmalıyıq. Bayırdan hay-küy gəlir. Qüdrətəli — (qalxır) Allahhümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Görünür ki, yenə də mö’cüzə olubdur! (Ayağa qalxır). Qulaməli — (Dalısınca komsomolçular, qolçomaq Abdulla, arxasında meşok daxil olurlar; kəndlilər həyəcana düşür). Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə! Hanı Molla Nəcəf? Gəlib traktorun parçalarını oğurlayan məlaikəsinə tamaşa eləsin. Hüseyn — (gülür) Yaxşı məlaikədir. Amma ikicə eybi vardır. Bir qarnı yoğundur, bir də boynu. Qulaməli — (milisə) Tez get, Qasımın nökəri Cəlalı tap bura gətir. Milis gedir. Komsomolçular — (Oxuyub oynayırlar) Ay məlaikə qolçomaq, Qarnı yekə qolçomaq, Sizdə həya qalmamış, Bircə tikə, qolçomaq! Güllü — (Oxuya-oxuya oynayır) Hiylə gəlirdin bizə, Söylə bu nə mö’cüzə? (Barmağilə qolçomağın burnuna vurur) Son gecədir bu gecə Toy tutaram mən sizə. Cəlal milislə gəlir. Abdulla — (Cəlalı göstərir) Bax bu haramzadadır Hər bir işin sahibi; Hiylədə bir tülküdür Fikirdə şeytan kimi. Cəlal — Sözlərini dinləyin! Gör nə deyir bircə bu; Hər nə deyirsən danış! Səndə ki, yox abru. Abdulla — And olsun getdiyim səkkizinci imama, hamısı bu haramzadanın işidir. Cəlal — Yalançının abrusuna lə’nət! Sən özün Qasım ağa ilə bərabər məni aldadıb göndərmədinmi? Hüseyn — Onlar səni göndərdi, sən nə üçün getdin? Sən nə üçün öz sınıfını atdın? Cəlal — Mən elmsiz, qanacaqsız bir kəndliyəm. Ağadırlar, buyurdular, mən də getdim. Bayırdan yenə hay-küy səsi gəlir, kəndlilər ayağa qalxırlar. Şə’ban və Əli kişi — (daxil olurlar. Aralıqda Molla Nəcəf, Rüstəm, Saleh, Qasım, Nəzər, dallarınca milislər, kənd şurası sədri daxil olur). Bu da bir mö’cüzə! Bu da müqəddəs və qorxulu yuxu! Güllü — (mollanın əbasını qaldırıb altındakı neft qabını göstərir və kəndlilərə deyir) Molla Nəcəfin dünən gecə gördüyü qorxulu yuxunun nəticəsi budur! Bu neft qabı yenə də bir mö’cüzə çıxarmaq istəyirdi. Hüseyn — (kəndlilərə). İndi öz düşmənlərinizi görün. Kəndlilər — (birdən qalxırlar). Verin bura. Bu it uşağını neft töküb yandıraq. Güllü — (keçir irəli). Yox, elə iş olmaz! Bizim vəzifəmiz bura qədər idi. Bundan sonrakı vəzifə proletar məhkəməsinindir. Molla Nəcəf — (ağlaya-ağlaya oxuyur): Əmmaməmə, əbama, Şalıma rəhm eyləyin! Birçə qərib mollayam! Halıma rəhm eyləyin! Mən getməmişdim sizin Anbarı yandırmağa. Getmişdim ki, və’z edib Bunları qandırmağa. Mən burada olmuşam, Əvvəl-axır onca il. Köhnə işim falçılıq, Əsil yerim Ərdəbil. Hər kəs ölübsə kənddə Arvadını almışam. Çoxlarının qızların Öz toruma salmışam. Güllü — Hər zibilsən, mollasan, Hər işə sənsən maya, Kəndi satarsan bütün Bir plova, bir çaya. Gündə otuz siğədən Hasil olub mətləbin. Burda sənə son kərə Mən kəsərəm bir kəbin. Güllü sənə bu gecə Bir təzə don geydirər. Qolçomağa toy tutar, Mollanı evləndirər. Hüseyn — (irəli gəlib tüpürür) Tüf üzünə! Bir utan, Qolçomağın quyruğu! İndi sənə eylərik Biz daha bir qulluğu. Xələf — (qalxıb Rüstəmin yaxasından tutur) Haramzada, bu saat mənim atımın pulunu verməsən, gözünü tökərəm. Kənd şurası sədri Səlim — Yoldaşlar! Bura haqq-hesab yeri deyildir. Atın da, yandırılan taxılın da, traktorun da pulu bunlardan alınacaqdır. Qorxmayın, yoldaşlar! Bunların kifayət qədərində malları vardır. Ancaq hələ məhkəmə lazımdır. (Milislərə) Hələ ki, ip gətirin, bunların qollarını bağlayın!.. Şə’ban kişi — Əvvəlcə neft qabını Molla Nəcəfin arxasına sarıyın! Qüdrətəli və İskəndər — İndi bildik mö’cüzə nə deməkdir. Çox yaxşı oldu ki, bizi qara günə qoyan qara günə qaldı. İndi biz anladıq ki, bizi nədən ötrü kolxoza qoymurdular. Qüdrətəli oxuyur: Güllü demə bir kişi Düzəldəcəkdir işi. Yaz məni də kolxoza İstəmirəm keçmişi! Kəndlilər — (birdən) Məni də yaz! Məni də yaz! Hüseyn — Yoldaşlar, səbr edin! Heç kəs kənarda qalmayacaqdır. Bu gün bizim böyük bayramımızdır. Düşmənlərimizə bu gün ancaq qələbə çala bilmişik. Əli kişi — Mən təklif edirəm ki, Güllü yoldaş kolxoz sədri seçilsin. Qulaməli — Mən də təklif edirəm ki, Güllü yoldaş ilə Hüseyn... Güllü — Yum ağzını! Hamı — (birdən) Necə yə’ni? Nə demək istəyirsən? Qulaməli — Mən deyirəm ki... Hüseyn — Sən demə ki... Güllü — (çıxır stulun üstünə) Yoldaşlar! Mən sizdən çox razıyam. Gördüyüm iş çox böyük olmasa da, yenə kəndli qadınların təsərrüfatdakı fəaliyyətindən bir nümunədir. Mən təklif edirəm ki, Qasımın ev qulluqçusu Tərlanı kolxoza qəbul edək. Hamı birdən — Razıyıq, razıyıq Güllü — Tərlan gəl, yanıma gəl! Tərlan çıxır stulun üstünə, Güllü ilə bərabər durub oxuyurlar: Düşmənimiz yıxıldı, İş axıra çıxıldı, Həll olundu məsələ, Gəlin verək əl-ələ. İşləyək arvad-kişi, Lenin göstərən işi. Qolçomaqları aparırlar. Kəndlilər getmək istəyirlər. Qulaməli — Yoldaşlar! Dayanın! Bir işimiz qaldı! Mən sözümü deyib qurtarmamışam. Güllü yoldaşla Hüseyn yoldaşın da işini bitirməliyik! Hamı birdən — Razıyıq! Razıyıq! Güllü — Biz Hüseyn ilə yoldaşıq! Hüseyn — Yoldaşlıqdan böyük nə ola bilər? Qulaməli — (gəlib Güllünün əlini tutub deyir) Güllü, hərkah mənə bir balaca yoldaşlıq hörmətin varsa, düzünü de, bu işə razısanmı? Güllü — Bəli, razıyam! Hərkah Hüseyn də razı isə! Hüseyn — (gəlib Güllünün əlini tutur) Mən də razıyam! Hamı birdən — Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə! Pərdə düşür. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-bu-da-bir-mo-cuze İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.