Dinçilər Məmməd Səid Ordubadi (1872–1950) Dinçilər (Dörd pərdədə) Əfradi-əhli-məclis Hacı Qafar – məşhur mülkədar, qırmızı saqqal, xəsis, miyanə libasda, 60 yaşında. Övrəti Mə’sumə – elmsiz övrət, qədim Qafqazın dövlətli qadınları qiyafəsində, 50 yaşında. Kərbəlayi Haşım – Hacı Qafarın oğlu, dindar fanatik, məşhur xəsis, 30 yaşında. Həlimə – Kərbəlayi Haşımın övrəti, üzü örtülü, mö’min, məhəllənin mə’lum gözəllərindən, 25 yaşında. Münəvvər – Həlimənin qızı, dövlətli qızlarına məxsus faxir libasda, 11 yaşında. Akif – doktor, Hacı Qafarın oğlu, Avropa qiyafəsində, buğları, saqqalı qırxılı, 20 yaşında. Şərifə xanım – doktorun övrəti, mamalıq dərsi oxumuş, 20 yaşında bir gözəl qadın. Əsədulla – Hacı Qafarın nökəri, avam bir nəfər iranlı, 40 yaşında, ən cındır libasda. Nəzərəli – kəndli, Hacı Qafarın rəiyyəti, cındır libasda, 40 yaşında. Mirzə Rəhim ağa – müctəhid, qarnı, boynu yoğun molla, 65 yaşında. Mirzə Bağır ağa – məşhur övrət mərsiyəxanı, müctəhidin rəfiqi, 55 yaşında. Molla Kazım – mərsiyəxan, 60 yaşında. Hacı Səməd – qırmızı saqqallar. Hacı Şükür – qırmızı saqqallar. Hacı Qurban – qırmızı saqqallar. Hacı Saleh – pul müamiləsi alan qarnı yoğun bir hacı, 60 yaşında. Nəsrulla – kasıb rəiyyət, Hacı Salehin borçlusu, 50 yaşında. Zülfüqar – iranlı, məşhur tez-tez arvad alıb-boşayan, 40 yaşında. Övrəti Səlmə – 20 yaşında, cındır libasda. Qənbər – qoçu, məşhur qız götürüb qaçırdan, 30 yaşında. Nazlı – Qənbərin övrəti, faxir libasda, 18 yaşında. Nisabəyim xanım – müctəhid Mirzə Rəhim ağanın övrəti, 30 yaşında. Pinəçi Kərim – cındır libasda, 60 yaşında. Bir neçə övrət və kişilər. * * * Birinci pərdə Əhvalat vaqe olur Hacı Qafarın evində. Ev sərvətdar bir şəxsin evini təsvir edir. Hacı Qafarın oğlu doktor Akif oturub başı açıq kitab oxuyur. Nökər Əsədulla daxil olur. Əsədulla — Ağa, bir nəfər xanım gəlib, sizi görmək üçün icazə istəyir. Akif — Oğlan, necə xanımdır?! Get çağır yanıma! (Əsədulla gedir) Əcəba bu kim olmalı? Şərifə xanım daxil olur. Şərifə — Əvət, asudə və unuducu bir qəlbə malik olan kişilər əsiri-məhəbbət olan zavallı qadınların iztirab içində keçirdikləri uzun dəqiqələri düşünməz, özünü romanlarla da məşğul edə bilər. Akif — Yox-yox! Şərifəm, öylə söyləmə! Nə mənim qəlbim unudacaq bir qəlbdir, nə də sən unudulacaq bir mələk. Şərifə — Mənə kişilərin eşq və məhəbbətə qiymət qoymayacaqlarını bir çoxları söyləyirdi — inanmırdım, lakin burasını sizdə təcrübə elədim. Akif — Şərifəm, öylə söyləmə! Məhəbbətinə yəmin edirəm ki, məndən məhəbbətsizliyi deyil, verdiyim sözün uğrunda can verməyə hazır olduğumu dəxi təcrübə edəcəksən, mən heç vaxt səni unutmamışam. Şərifə — Əvət, unuduldum! Bir küşəyə atıldığım bəs olmurdu, təzədən bir zalımın qucağına düşüb bir cahilə qadın olmaqla da təhdid olunuram. Akif — Kimdə o hünər vardır ki, mənim təmiz ruhumu bədənimdən çıxarıb kəsif bir cismə daxil eləsin. Şərifə — Hər nədən isə mən məhv oluram! Sən isə (ağlayır) məni unudacaqsan! Akif — Heç kəs iki nəfsin e’damına fitva verəməz, verərsə də xeyir aparmaz! Şərifə — Ah kişilər unuducu! Kişilər zalım! Xüsusən ata-analar daha da qatildir (ağlayır). Akif — (Şərifənin başını sinəsinə alaraq) Şərifəm! Mələyim, ağlama. Sən də, mən də ataların istibdadı altında əzilirik. Lakin genə də mənə zalımlıq yaraşmaz! Zira mən sənə söz verdiyim vaxt canımı, ruhumu, hissimi də sənə təslim etmişəm və haman əhdimə vəfa edəcəyimə genə də söz verirəm. Zira mən eşq və məhəbbət hekayələrini Şərifə adı ilə başlayıb, Şərifə adı ilə bitirmək istəyirəm. Şərifə — Akif, məni məzəmmət etmə! Mən səni gözəllik və elmin üçün sevmiş olsaydım səndən də elmli, səndən də gözəl bir kişi tapmağla öz eşqimi dəyişə bilərdim. Lakin səndəki təbii gözəlliyi mən bir başqasında tapacağıma əmin deyiləm! Akif və Şərifənin əlləri bir-birində olduğu halda Akifin anası Mə’sumə daxil olur. Mə’sumə — Akif! Oğlum! Bu qız kimdir? Akif — Ana, bu həyalı qızı sizə təqdim edirəm. Bu haman Şərifə xanımdır ki, mənim ilə Şvetsariyada doktorluq məktəbində oxuyurdu. Bu qız arzu edir ki, daima sizin hüzurunuzda yaşasın. (Şərifə tutub Mə’sumənin əlini öpür). Mə’sumə — Çox xoş gəlib səfa gətiribdir. Özü də bir xoş vaxtda gəlibdir ki, bundan da yaxşı gün olmaz. Bu günlər istəyirik ki, sənin də toyunu başlayaq. Daha nişanlın Asya da yazıqdır. Dörd ildir gözü yoldadır! Şərifə — (Diksinib əlini başına qoyaraq) Akif, mən artıq dayanmayıram, daha mən gedirəm, salamat qal! (gedir). Akif — Aman allahım, nə oldu? Bu nə xəta?! Mə’sumə — Akif, bəs yoldaşın nə üçün tez gedir? Akif — (Bir gözü qapıda) Çünki sən onu buradan qovdun, çünki sən onun nazik qəlbini yaxdın... Ah zavallı Şərifə, dərdinə çarə üçün gəldisə də yeni bir yara ilə qayıtmağa məcbur oldu. Mə’sumə — Subhanalla, mən ona şirin dildən başqa ki, söz söyləmədim. Akif — Mənim toyum şad başlanarsa ancaq bu qəlbini sındırdığınız Şərifə ilə başlanacaq. Yasım, qəmli, əcəlli, fəlakətli günlərim isə sənin sevdiyin Asya ilə vücuda gələcək. Çünki o, mənim ürəyimə biganədir, yabançıdır. Mə’sumə — Uzun qara olsun, bu nə sözdür? Akif — Əvət doğru söz budur. Sən bunu atama da söylə. (Gedir). Mə’sumə — Bura bax, bura bax! Bir bunun ağlına tamaşa elə! Vallah özümü öldürərəm! Hacı Qafarın öskürmək səsi gəlir. Daxil olur. Hacı Qafar — Ay arvad, sənə deməmişəm ki, qaraçı kimi səsini başına salma? Genə evdə bu nə hay-küydür? Gəlin hara gedibdir? Ah, qocalıq nə yaman şeydir. Mə’sumə — Allah sənin evini başına uçursun. Allah səni bu qoca vaxtında imansız dünyadan aparsın. Sənə yüz dəfə dedim ki, oğlunu doktorluğa göndərmə, elə mən dedim, mən də eşitdim. De buyur indi cavabını ver!.. Hacı Qafar — Səsin çox da xoşuca gəlməsin! Sözü qısa söylə görüm nə olub ki? Mə’sumə — Nə olacaq, kişinin qızının evini yıxdın. Hacı Qafar — Lə’nəti-ilahiyə giriftar olasan. Mənim saqqalımın bu vaxtında qız ilən, zad ilən nə işim var? Qız kimdir? Mə’sumə — Kim olacaq! Rəhmətlik Hacı Qasımın qızı Asya, belə sənin oğlun Akifin adaxlısı, indi anladın ki? Hacı Qafar — Ay imansız öləsən, daha məndə ürək qalmadı, açığını söylə görüm axır qıza nə olub? Mə’sumə — (ağlayır) Daha bundan açıq nə deyim! Oğlum gedib başı açıq gəzən Şərifəni gətirib evə ki, buna mən məktəbdə oxuyanda söz vermişəm, alım. Hacı Qafar — Arvad, məgər ixtiyar ondadır ki, gedib Şərifəni alsın? (Həlimə daxil olur). Kişinin qızına dörd ildir ki, üzük verilib, budur böyük bacısı on ildir mənim oğlumun evindədir. (Qəzəbli) Vallahi ki, elə bir səfeh xəyala düşsə bu mal-dövlətdən elə məhrum eləyərəm ki, gün çörəyinə möhtac qalar. (Həliməyə) Get bir içməli su gətir. (Həlimə gedir). Mə’sumə — (Həliməni göstərir) Budur, bir halal süd əmmiş arvaddır, bir nəfərin yadına gəlməz ki, bunu başıaçıq görsün. (Hacı Qafara) Hələ kiçik bacısı ki, bir parça cavahirdir. Bir barmaq boyda idi anası məscidə gətirəndə üzünü tutardı. Hacı Qafar — Arvad, elə mən də bu fikri elədim. Dedim iki bacı bir evdə olsun, çörəyim də parçalanmasın. Mə’sumə — Kişi, getdiyin Məkkəyə and olsun, onun mə’minliyindən də artıq qıçının sınıxlığıdır. Uzaq yeri bağçadır, yaxın yeri mətbəx. Heç oğlun Kərbəlayi Haşım da arvadından qalıcı deyil. On yaşında qızı akuşkadan küçəyə baxdığı üçün az qalırdı qızı öldürsün. Hacı Qafar — Gərək arvad, qız tayfasını elə ürküdəsən ki, bilməsin allahın günü göyün hansı tərəfindən çıxır, hansı tərəfindən batır. Mə’sumə — Belə ha! Amma Şərifə şilapkanı qoyub başına, küçədə gedəndə gözləri havada oynayır. Həlimə su gətirir verir Hacı Qafara. Hacı Qafar — Atan Hacı Qasım abi-Kövsər suyundan sirab olsun. Nökər Əsədulla daxil olur. Əsədulla — Ağa, beş-altı nəfər kəndli gəlib sizi görmək istəyir. Amma sonra ağa məni yamanlama, özləri də kasıba oxşayırlar. Hacı Qafar — Gədə, niyə demədin ki, hacı evdə deyil? Əsədulla — Bəli, dedim ki, elə indicə gəlib, hələ namazını da qılmayıb. Hacı Qafar — Allah sənə də lə’nət eləsin. Yüz dəfə demişəm ki, gördün ki, əyni-başı çırıqdır, deyinən ki, hacı evdə deyil, və halonki qardaşım da olmuş olsa. Get burax gəlsinlər, qanmaz haramzada. (Arvadına) Mənim bu kəndli tayfasından zəndlə zəhləm gedir. Elə yanına ki, gəliblər başlayacaqlar and içməyə. Mə’sumə — Allah onları vursun. Gündə bir dəstə gəlib evi zibilləyib getməkdən başqa mənfəətləri yoxdur. Kəndlilər daxil olurlar. Hacı Qafar — Balam, genə nə var tökülüb gəlmisiniz? Qoymazsınız bir xalq evində rahat otursun? Akif daxil olur, börkünü qoyub əyləşir qəzet oxumağa. Nəzərəli — Hacı, sən olasan getdiyin Məkkə, sən olasan Xorasanın qızıl künbəzləri, sən olasan qırmızıgöz ağam, bir yaxamızı Kərbəlayi Haşım ağanın əlindən qurtar! Akif həyrətli baxır. Hacı Qafar — (arvadına) Gördün ki, mən sənə əvvəldən bunların həyasızlıqlarını demədimmi? (Kəndlilərə) Genə nə olubdur ki, tamam Məkkə, Mədinəni yığıb tökdünüz bura? Nəzərəli — Nə olacaq, yanı dişi balalı inəyimi satıb verdim ki, borcdan xilas olum. Götürüb yanımda da bir kağız çırdı ki, bu da sənin höccətin. İndi görürəm ki, höccətimi qoyub suda evimi satdırmaq istəyir. Hacı Qafar — Kəs səsini namərbut. Mən hacı adam, höccət zad bilmirəm. Kərbəlayi Haşım daxil olur. Ay qanmaz oğlu, bu cür haramzadalar ilən niyə alışveriş edirsən? Bəlkə bu evdə bir başqa adam olaydı. Elə bilərdilər ki, doğrudan da mən pul tənzili zad yeyən adamam. (Kəndlilərə) Çıxın buradan namərbut oğlanları! Akif — Bilməyirəm yenə, ilahi, bu nə mənzərədir? (Atasına) Nə üçün bunların dərdlərinə yetişməmiş evdən qovursunuz? Kərbəlayi Haşım — (Gəlir Akifin yanına) Akif, belə işlərə qarışma. Bu kəndlilərin xasiyyətidir. Mən bunun, doğrudur, höccətini qoymuşam suda, amma ondan bir də almayacağam. Çünki evi qorxuram satsın özgəsinə. İndidən istəyirəm ki, başını bağlayam. Qələt eləyir, bir damı vardır qoysun qalsın öz övladına, nə üçün satsın. Akif — Öylə isə mən də səndən razı olaram və bunun da müqabilində sənə bir təzə müjdə verəcəyəm. Kərbəlayi Haşım — Hələ sən müjdə verəndən sonra gör mən nə müjdə verəcəyəm. Budur əlimə bir kitab keçib ki, tamam dünyada misli yoxdur. Akif — Kəblə Haşım, qəzetənin yazdığına görə bundan sonra dünyada olan müharibələr, qan tökmələr, qətl, qarət, zülm, cəbr — hamısı məhv olacaqdır. Bütün böyük dövlətlər yığılıb istəyirlər tərksilah edib bütün bəşəriyyəti asudə yaşamağa buraxsınlar. Doğrudan da bu xəbər mənə bir təzə can verir. Daha bundan sonra nə ağlar gözlər, nə də məzlum və kiçik millətlərin əzilməsini görməyəcəyik. Kərbəlayi Haşım — Buna da bir müjdə xəbəri deyirsən? Pəs gör mən nə kitab gətirmişəm? Bu kitabı atamın cəmi dövləti ilə dəyişmərəm. Bu bir təzə müctəhidin risaləsidir ki, şöhrəti dünyanı tutub. Əvvəl-axır bütün şəhərdə bircə dənədir ki, o da düşüb mənim əlimə. Hacı Qafar — (arvadına) Yəqin ki, genə beş-altı abbasımı tələf eləyib. Akif — Vay-vay bizim halımıza! Nə vaxta qədər bu risalələrdən, yə’ni qüsl, təharət proqrammaları ilə oynamalıyıq. Kərbəlayi Haşım — Maşaallah sənə! Doğru desən əlindəki qəzetəni bundan artıq bilirsən. Akif — Əlbəttə, qəzetə artıqdır! Qəzetə müqəddəsdir. Zira qəzetədə daima bir yenilik var, lakin o risalədə əskilik, təharət, nəcasət, həcamət, kəsafət, ufunət sözləri doludur. Hacı Qafar — Arvad, dur bir daş sal mənim bu başıma (İki əlli çalır başına). Qalmışam bu iki dəlinin arasında, bilmirəm hara gedim? Bu oğlum bir cürə dəli, bu oğlum da bir cürə axmaq. Kərbəlayi Haşım — Ata, and olsun getdiyin Məkkəyə, bu gün elə bilirəm dünyanı mənə veriblər. (Məclisə) A kişi, məni lap qəflət basmış imiş ki, Ağanın yazdığına görə mənə çoxdan Məkkə vacib olmuş imiş. Hacı Qafar — (arvadına) Gördün dəlidir? (oğluna) Gədə, başına soyuq dəyibdir nədir? Necə sənə Məkkə əlaqə tapıbdır? Kərbəlayi Haşım — Əlbəttə, mənə dəli deməyə haqqın vardır. Çünki məsələdən xəbərdar deyilsən. İndi qulaq asın oxuyum. (oxuyur) Hər pəsəri ki, pədərəş dər hal-həyat nəbaşəd və dər kəsbikari pədəre xod iştirak nemudə, dövləte-mal cəm’ nümayəd, on şəxsra ziyarəti beytülhəram vacib əst. (Kitabı öpür) Vallahi ki, bu il piyadə də olsa gərək gedəm. Hacı Qafar — Çox gözəl! Balam, bu risalənin yazanı kimdir? Kərbəlayi Haşım — Kim olacaq, Fazil-Ərdəbili səlləməllahu taala. Hacı Qafar — Arvad, yalan desəm tutduğum oruc Yezidin olsun, mən əvvəlinci dəfədir ki, Ərdəbildən Fazil eşidirəm. Genə desəydi ki, Ərdəbil lotusu heç darıxmazdım. (Oğluna) De görüm hələ təksən, yainki genə də şəhərdə dəli olan var? Kərbəlayi Haşım — Bu gün tezdən evdən çıxdım gördüm ki, dişim çox ağrıyır. Dedim ki, gedim bir xəttimə həna bağlayım. Sonra gözümün ağrısından söhbət düşdü, dedilər ki, gərək boynunun dalısından bir həcamət qoyulsun. Hacı Qafar — Uzun danışmağda heç anandan dalı qalmazsan. Kərbəlayi Haşım — Usta Qənbər həcaməti boynumun dalısına qoya-qoya söhbəti gətirib çıxardı bu yerə. Dedi ki, hətta ağanın risaləsi də bu saatda eşik hamamda, ustanın sandığının üstədir. Risaləni gətirən də bu Usta Quldur ki, Kəblə Teymurun başına kisə çəkir. Ağanı rubəru görüb on beş gün də namazında olubdur. Hacı Qafar — Bəli, arvad, yaxamız Nəcəf müctəhidlərinin əlindən qurtarmamış düşdü hamam müctəhidlərinin əlinə. Mənim imanıma lə’nət olsun ki, əgər yalan deyirəm. Mən indiyə qədər hamam müctəhidi eşitməmişəm. (Kəblə Haşıma) At o kitabı allahı sevərsən, onsuz da mənim evim yıxılıb. Kərbəlayi Haşım — Ata, sən allah elə buyurma! Mənim min canım olaydı, mini də bu ağanın risaləsinə qurban olaydı! Hacı Qafar — Arvad, dur bu qapıları bağla, kilidini at dama. Bir oğlumu qoymuşam dərsə, gedib hamamdan bir kitab gətirib ki, mənə Məkkə vacibdir. O biri oğlumu da göndərdim dərsə, buğun-saqqalını qırxdırıb gəldi bəs olmadı. Dörd ildir ki, kişinin qızına üzük verilib, indi gəlibdir başıaçıq Şərifəni istəyir. Bunlar ikisi də dəli deyil bəs daha nədir? Akif — Bəli, mən Asyanı almaq istəmirəm. Çünki mən onu alsam, ona zülm etmiş olacağam. Mən açıqlarla yaşamağı sevirəm, o isə örtülü yaşamışdır. Hacı Qafar — Heç bunun bir şeyə dəxli vardırmı? Akif — Bəli, mən Asyanı alsam, o istədiyi həyatı məndən görə bilməyəcəkdir. Mənim sevdiyim şərifələrdir. Həlimə ilə asyaların da istədiyi mənim qardaşım Kərbəlayi Haşım kimilərdir. Kərbəlayi Haşım — Yenə bir alnın mühürə dəysəydi, ürəyim yanmazdı, özün də ömründə qüsl təyəmmümün təhərini bilməzsən, başlamısan mənə eyib tutmağa. Akif — Doğrusu mən istiqbalımı, səadətimi onda görürəm ki, aldığım övrət mən dediyimi anlasın, mən də o dediyini anlayım. Lakin siz burasını düşünməyirsiniz. Həm mənə, həm də mənə almaq istədiyiniz asyalara zülm eləyirsiniz. Mə’sumə — Sənin uzun qara olsun! Heç bilirsən ki, Asya səni necə istəyir? Qanadı yoxdur ki, uçsun. Sənin gəlməyinə nəzir deyib, indi də oruc tutur. Akif — Nə yapsın zavallı? Ona oruc-namazdan başqa bir şey öyrətmişlərmi? Əlbəttə, ancaq onunla ac qalmağı bir fəzilət bilən və onunla da behiştə getmək istəyən kişilər yaşaya bilərlər. Hacı Qafar — Balam, necə sənin qeyrətin qəbul edir ki, övrətin naməhrəm kişilərin yanında başıaçıq dolansın? Akif — Əcəba, indidəmi yazıq qadınları taçir mətaları kimi kisələrə doldurmaq istəyirsiniz? Qoy onlar da açıq havada gəzib təmiz hava alsınlar. Hacı Qafar — Arvad, cəmi təqsirlər səndədir ki, bunu mən oxumağa göndərəndə mane’ olmadın. Mə’sumə — Yalançı imansız ölsün! Yalançı dinsiz ölsün! Bunu da mən dedim ki, get saqqalını-buğlarını qırxdır, özünü çin-şəyatin şəklinə sal? Akif — Heç bir-birinizi təhqir etməyin. Mən bu tükləri üzümdə bir kəsafət hesab edirdim, ona görə də belə elədim. Kərbəlayi Haşım — Sən allah elə söyləmə! Mənim bu saqqalım dörd dəfə ağa qulluğuna gedibdir. Vallah, bu saqqalımın bir tükünü atamın cəmi dövlətinə dəyişmərəm. Mən bilirəm ki, bunun səbəbinə cəhənnəm odu məni yandırmayacaqdır. Akif — Kəblə Haşım, burax kənara bu aldadıcı sözləri, fəqir kənd xalqının qanını sora-sora dövlət sahibi olurkən yenə də behişt, cəhənnəm sözü danışırsan. Lakin mən görürəm ki, dünyada behişt sizin, cəhənnəm də fəqirlərindir. Axirət isə gülünc və məsxərə! Hacı Qafar — Balam, daha niyə deyirsən ki, dərs oxuyub adam olmuşam? Bir yerli söylə ki, başlı-qulaqlı bir axmaq olmuşam. Bəs ar-qeyrətə nə deyirsən? Başıaçıqlığa nə deyirsən? Mə’sumə — Heç Asya nəcabətdə dünyada bir qız vardır ki? Hacı Qafar — Bu qızın anası Şərəfnisə xanım dörd hasarın arasında ağaca alma dərməyə çıxanda bilirsən rəhmətlik Hacı Qasım nə eləmişdi? Vurub salmışdı yerə ki, məbada boyunu naməhrəm görsün. Arvadın beli sınmışdı. Elə haman sınmaq ilə də öldü. Mən sənə belə qız alıram. Akif — Övrətləri vurub öldürüncə, onları başı örtülü gəzməyə məcbur edincə, vəhşi müsəlman kişilərini tərbiyə etmək olmazmı? Hacı Qafar — Düzünü deyirəm, hərgah bu səfahəti başından çıxartmasan bu mal-dövlətdən sənə bir şahı da hissə verməyəcəyəm. Akif — Əcəba mən insanlıqdan danışıram, sən mənə murdar dövlətdən danışırsan. Halbuki, bu dövlət kəndlilərin göz yaşlarından cəm’ olunubdur. Açıq övrətlərin açıq olan qəbahətini görən əski qafalar örtülü qəbahətləri də unutmamalıdır. Mən qəlbi açıq olduğum kimi açıqlığı da sevirəm. Özümü bu şəkillərə ondan ötrü salmışam ki, həşərata oxşamayım. Hacı Qafar — Həşərat özünsən, dinsiz oğlu dinsiz. (Kəblə Haşımın əlindən risaləni alıb atır, Akif başını əyir, kitab gedir bayıra). Kərbəlayi Haşım — Ata, sən allah ağanın risaləsini bihörmət eləmə. (Qaçır eşiyə). Pərdə düşür. * * * İkinci pərdə Vaqe olur Kəblə Haşımın evində. Xəsis bir dövlətliyə məxsus Qafqazlı evidir. Kərbəlayi Haşım — Ay uşaq, daha oturmaq vaxtı deyil! Durun qaçın o biri otağa, adam gəlir! Daha yubanmayın! Ya allah... ya allah. Tez! tez!.. Şərifə — Ay Kərbəlayi, məgər nə olubdu ki? Kərbəlayi Haşım — (Həliməyə) Ay arvad, sən buna baxma, götür çarşabı tez ol, evə adam gəlir!.. Şərifə — (məclisə) Vallah, bunların işinə lap mə’təttəl qalmışam. Mən eşitmişəm ki, vəhşilər gələndə adamlar gərək qaçsın. Amma bunlar deyirlər ki, qaçın adam gəlir. Mirzə Rəhim və Mirzə Bağır daxil olurlar, arvadlar o biri otağa keçəndə görünürlər. Kəblə Haşım o tərəf-bu tərəfə qaçır. Mirzə Rəhim — Kəblə Haşım, bu nə füzulluqdur? Sən məni kimlərə oxşadırsan! Mən on səkkiz ildir ki, təhsillən gəlmişəm, gözlərim naməhrəmə sataşmayıbdır! Əstəğfürulla rəbbi və ətubi ileyh. Kərbəlayi Haşım — (gəlib əlindən öpərək) Cənab ağa, gərək mənim təxsirimdən keçəsiniz. Xahiş edirəm onları da öz kəniziniz hesab edib əyləşəsiniz. Mirzə Rəhim — Kitabül-Həqqülyəqinin sahibi buyururlar ki, hər o mö’minlər ki, gözü bir dəfə naməhrəmə sataşsa qırx illik qəbul olunmuş ibadətini lovhdən pozarlar. Mirzə Bağır — Cənab ağa! Əyləşin. Bu mö’minin qəlbini ələ gətirmək üçün xudavəndi-aləm sizi ondan ötrü xəlq eləmişdir ki, günahkar bəndələrin günahını bağışlatdırasınız. (Qolundan tutub əyləşdirir.) Mirzə Rəhim — Xeyli xub. Kəblə Haşım, qonaqların daha kimdir? Kərbəlayi Haşım — Bir özgə qonaqlarımız yox. Məhz rəhmətlik atamın Məkkə yoldaşlarıdır. Mirzə Rəhim — Bəs əxəvinizin təşrifi haradadır? Kərbəlayi Haşım — Cənab ağa, o da xidmətinizə gələcəkdir. Lakin gərək əfv edəsiniz. Çünki müsəlmana-zada oxşamaz. Mirzə Rəhim — Eyb etməz, gərək burada hazır olsun. Çünki onun vücudu burada olmasa bölgü işləri şər’ən başa gəlməz. Kərbəlayi Haşım — İndi ki, ağa izin verir, mən də çağıraram. (gedir). Mirzə Bağır — Cənab ağa, o ucaboylu övrətə yaxın oturan balaca qızı gördünmü? Haman qız bu Kərbəlayi Haşımın qızıdır. Bir neçə dəfə allahın əmrini yerinə yetirmək üçün bu Kərbəlayi Haşıma izvari-mətləb eləmişəm, genə də ayağı bir tərəfə çıxmayıbdır. Mirzə Rəhim — Sən heç tələsmə! Bunun başına Məkkə havası düşübdür. İşlərin hamısı düzələr. Bu Məkkə səfəri çox da yüngül səfər deyildir. Vəba var, taun var, ishal var, nə bilim cürbəcür naxoşluqlar da vardır. Belə mənə de görüm o akuşkanın arasında oturan matuşka kim idi? Mirzə Bağır — Cənab ağa, necə akuşka, necə matuşka? Nə buyurursan? Bu haman doktorun arvadı Şərifədir ki, özü də mamalıq dərsi oxuyubdur. Mirzə Rəhim — Nə buyurursan sən, necə Şərifə? Məgər o müsəlmandır? Xudavəndā sən fəryada yetiş! Nə yaman günlərə qaldıq! Mirzə Bağır — Cənab ağa, əslinə baxsan Şərifə əldən gedib, dini imanı bada verilib. Ancaq gərək siz istəğfar edəsiniz. Çünki genə ümid birçə sizə qalıbdır. Mirzə Rəhim — Doğrudan da xeyli vəcihədir! Xeyli sahibcamaldır. Heyflər olsun ki, cəhənnəm oduna yanacaq. Mirzə Bağır — Cənab ağa, gərək bu biçarələrə qiyamətin günü şəfaət edəsən. Mirzə Rəhim — Olmaz! Olmaz, Mirzə Bağır! Gərək bu tənasübi-əndam cəhənnəm odlarında yansın, gərək bu zülfi-müşkfamə əqrəblər dolaşsın, gərək bu şuxi-güləndam ilanların xörəyi olsun. Akif və Kəblə Haşım daxil olur. Akif — Xoş gəlibsiniz axundlar! Çox iltifat buyurmusunuz! Mirzə Rəhim — Allah sizi hifzi-əmanətində saxlasın. Lakin müsəlman olduğunuz halda özünüzü bu şəklə salmaqda heç insaf etməyirsiniz? Akif — Mən özümü bu şəklə ondan ötrü salmışam ki, həmişə qardaşım Kəblə Haşım ilə bir yerdə duranda xalq baxıb köhnə dünya ilə təzə dünyanı görə bilsinlər. Mirzə Rəhim — Mirzə Bağır, zamanı ki, məhşəri-kübra qurular, bir dəstə üzünün dərisi soyulmuş camaat gətirərlər. Döşlərində oddan lövhələr olar. O lövhələrdə yazılmış olar ki, bu camaat dünyada öz buğ-saqqallarını qırxdıranlardır. Kəblə Haşım ağlayır. Akif — (gülür) Budur sizin söylədiyiniz əfsanələrə köhnə dünyadan nümunə olan Kəblə Haşımlar qadınlar kimi ağlayır. Lakin akiflər sizə və ona acı-acı gülür. Söylə mənə nə ki, istəyirsən. Mirzə Rəhim — Mirzə Bağır, hələ bu cəhənnəmin nədən ibarət olduğunu anlamır, amma qulaq ver ərz eyləyim. Bir camaatı da qiyamətin günü məhşərə gətirərlər ki, onların başının təpəsində oddan qazançalar qaynayır. Bu halda məhşər əhli həyəcana gəlib söylərlər: ilahi, genə kimdir bu camaat?.. Xitabi-rəbbülərbab yetişər: ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, başlarına şapka qoyublar. Kərbəlayi Haşım ağlayır. Mirzə Bağır — Xudavəndā, sən yetiş şiələrin fəryadına, subhanallah!.. Əstəğfurullah, bu nə aləmdir məgər? Akif — Eviniz bərbad olsun, dünya bir-birinə dəyib, qiyamət günü dünyada başlanmış. Amma siz genə də yuxudan, xəyalatdan, keza görünməyən əfsanələrdən danışırsınız. Mirzə Rəhim — Bəli, hələ sən qafilsən, hələ cəhənnəmə inanmazsan. Bir güruhu məhşər meydanına daxil edərlər ki, onların ağzından əqrəblər, ilanlar tökülər. Xitabi-rəbbülərəbab yetişər ki, ey mənim bəndələrim, bunlar da haman adamlardır ki, əcnəbi dillərində dərs oxuyublar. Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən o günkü gündə mənim qardaşımın fəryadına yetiş. İlahi, sən bizim günahımızdan keç! Akif — Həqiqətdə mən bilmirəm ki, sizin bu əfsanələrinizə gülüm, ya ağlayım? Amma bunu mən yəqin etmişəm ki, sizin özünüz də bu hədyanlara inanmayırsınız. Lakin bu əfsanələr sizin əlinizdə böyük bir alətdir ki, onun vasitəsilə mənim avam qardaşımı və bunun kimiləri öz torunuza salırsınız. Mirzə Rəhim — Bu sözlərə də inanmayan, allaha inanmayır. Biri də ki, allaha inanmadı onun ilə danışmaq da haramdır. (Mirzə Bağıra) Mirzə Bağır, dur buradan məni xaric elə! Mən eşidə bilmirəm belə-belə sözləri. Mirzə Bağır — Cənab ağa! Siz müctəhidlərə lazımdır ki, genə də bunları haqq yola dəlalət eyləyəsiniz. Behişt və’dələri verib cəhənnəm əzabından qorxudasınız ki, bəlkə ağlı başına gəlsin. Akif — Siz əgər axirətin cəhənnəmlərinə qafilsiniz, bəs nə üçün yerdəki allahların cəhənnəmlərini göstərmirsiniz? Bəs nə üçün zalımların qanlı məhkəmələrini, yandırıb yaxan atəşlərini gizlədirsiniz? O atəşləri yaxan şəhvətçi soltanları, səfahətpərəst padşahları, cahankir kralları göstərməkdən nə üçün arlanırsınız? Mirzə Rəhim — Sən onu bilməlisən ki, dünyanı qan selləri tutsa şiəyi-xullusə heç bir zaval yoxdur. Dünyanı qan selləri tutsa da mö’min qardaşların ayaqlarını da islatmaz! Sən bax bir İran dövlətinə. Bizim duamızın bərəkətindən orada yüz ildir ki, bir tüfəng də atılmayıb! Məgər sən bu mö’cizələrimizi də inkar edəcəksən? Akif — Ey öz gözləri kor, insanları özlərindən də kor hesab edən qafillər! Dünyada müharibə nədən ötrü olur? Hüquqa təcavüz etməkdən deyilmi? İranda daha nə qalıbdır ki, sərvətdar hökumətlər əlinə keçməsin? Qafil insanlar, nə yapışmısınız cəhənnəm, behiştin quyruğundan. Göylərdə, quşlar kimi havalarda olan təyyarələrdən atəşlər, təbiətin ildırımlarına dəhşət verən pulemyotlar, yaşıl şəridləri, maralkeçməz meşələri cəhənnəm bucağına döndərən top külləsi... sizi yenədəmi ayıltmadı? Sizi bu qədər qurultular genə də yuxudan oyatmadı? Mirzə Rəhim — Nəyə lazımdır dünya malı? Qoy padşahlar hamısı İranı qarət etsin, bizə lazım deyil dünya çifəsi! Axırda bütün dünya bizim dediyimiz yolu tapacaq, tapmaz isə məhv olub gedəcək. Akif — Ey bizə hakim sayılıb nə olduğu mə’lum olmayan qüvvət! Sənin bu qafillərdən xəbərin varmıdır? Atəşlər dünyanı tutub yanır, bunlar genə cəhənnəm əfsanələrindən əl çəkməyir. Mirzə Rəhim — Bəli, bu odlar haman cəhənnəm odlarıdır ki, yetmiş min dəfə suya basandan sonra atıblar bu dünyaya. Yoxsa onun istisindən cəmi vəhuş, tüyur həlak olmuşdular. Kərbəlayi Haşım — (ağlayır) İlahi, sən bizim qiyamətin günü fəryadımıza yetiş, ilahi, sən bizi cəhənnəmin odundan xilas elə! Akif — Ey mənim avam qardaşım! Sən nə vaxta kimi kor qalacaqsan? Din və sərvətə aldanmış xalqın yerdə qopardığı qiyamətləri görməyirsənmi? Görmürsən dünyanı dağıdan cahankir orduları? Qiyamətə və cəhənnəmə inanan bəşər bir-birini qırıb bitirir. Yerlərdə qiyamət qopmuş, məmləkətlər yanır, şəhərlər yaxılır, qəsəbələr, göylər viran olur. Bəs hanı bu əmmaməli insançıların göstərdiyi yardımlar? Dünya bir-birinə qarışmış. Xalq üçün məkan yox, vətən yox. Bütün mədəni bəşəriyyət qaçqınlar kimi hərə bir daşın böyrünə sıxılmış, genədəmi yatmaq istəyirsiniz? Mirzə Rəhim — Bəli, nə qədər ki, bu millətlər islamiyyəti qəbul etməyiblər yer üzü sakit olmayacaqdır. Buna bais deyil məgər bizim nəzərimiz! Akif — Demək ki, bu qanları tökən və bütün bu cinayətləri yapan allahın özüdür ki, siz də onun başında durmusunuz. Mirzə Rəhim — Bəli, xudavəndi-aləm öz bəndələrini imtəhana çəkir! Akif — Odur ki, siz xalqı vətən, millət sözləri ilə iti süngülərin altına soxub ləzzət aparırsınız. Şəhid dediyiniz müharibə qurbanlarının nə yolda öldüyünü bilmiş olsaydı, bu kimi qanlar əbəs yerə tökülməzdi. Mirzə Rəhim — Bəli, hər kəs yolundan çıxıb mollaya, müctəhidə irad tutub, xüms-zəkatı, imam malını verməyib, buğlarını, saqqallarını qırxdırıb pulu olub ziyarətə Məkkəyə getməyibdir, bu bəlaları çox görəcəkdir. Hacı Səməd — (daxil olur) Salam əleyküm! Ağalar, nə var, nə səsdir? Kərbəlayi Haşım — Heç, Hacı Səməd əmi, cənab müctəhid allahın əhkamından buyururdu. Sən allah, əyləşiniz! (Əyləşir). Məclis — Ya allah, hacı! Hacı Səməd — Allah köməyiniz olsun! Zəhmət çəkməyin, özüm əyləşərəm. Amma bir az yubanmağımı bağışlarsınız. Mirzə Rəhim — Hacı Səməd, nə olub ki, bu qədər təxir etdiniz? Hacı Səməd — Oğlum Kərbəlayi İmanın uşağı birdən-birə qaraldı. Səhərdən o mollaya, bu falçıya, baxıçıya qaçmaqdan yorulmuşam. Akif — Hacı, uşaq neçə yaşındadır? Hacı Səməd — Əslinə baxasan bizim Kəblə İmanın heç oğul övladı olmazdı, olanda da ikicə ay yaşayıb ölərdi. Dua qalmadı aldıq, nəzir qalmadı elədik, başınızı nə ağradım, erməni keşişlərinə qədər gedib dua aldıq. Axırda bizə bir dərviş rast gəldi. Dərviş bir qara həbbə dua oxuyub verdi Kəblə İmana. Doqquz aydan sonra bir oğlan uşağı dünyaya gəldi. İndi uşaq qırxca günlükdür. Akif — Çox pakizə! (kənarə) bu da müsəlmanların bir rəngidir! Mirzə Rəhim — Hacı, bəs sonra uşağa nə çarə elədiniz? Hacı Səməd — Molla Əsəddən bir dua gətirdik sakit olub yatdı. Şək gətirənin zatına lə’nət! Akif — Qoy rahət olub yatsın! Çünki o yatmaqla öz yaxasını cahil ataların əlindən qurtarıb yenə də yoxluğa doğru gedir. Kərbəlayi Haşım — Qardaş, hər nəyə şəkk edirsən et, amma Molla Əsədə şəkk eləmə! Bizim Münəvvərin də diriliyinə səbəb odur! Hacı Şükür — (daxil olur) Salam əleyküm! amma gərək yubanmağı bağışlayasınız! (əyləşir). Kərbəlayi Haşım — (qalxır) Ya allah, Hacı Şükür! Hacı Şükür — Allah köməyin olsun, zəhmət çəkmə. Mirzə Rəhim — Bəs, Hacı Şükür, səbəb nədir ki, yubanmısan? Hacı Şükür — Gərək əfv eləyəsiniz! Bu gün qızım Nərgizə nişan qoyurdular. Mirzə Rəhim — Xudavəndi-aləm qızı xoşbəxt eləsin, kimə verirsən? Hacı Şükür — Doğrusu yaxşı Məşədi Seyfulla bu qızı iki il bundan əvvəl istəyirdi. Amma eybi burasında idi ki, qızın doqquz yaşı var idi. Məşədi Seyfullanın da evində iki arvadı var idi. Amma bir neçə gün bundan əvvəl övrətlərin birisi uşaq üstə öldü. Özüm də gördüm ki, qızın ərlik vaxtı keçir daha bənd olmadım, dedim ki, qoy götürüb getsin. Mirzə Bağır — Hacı, gərək Məşədi Seyfulla o biri övrətini də boşayıbdır. Hacı Şükür — Əslinə baxasan Məşədi Seyfulla arvad boşayan adam deyil. Bizim onun evinə gedib-gəlməmiz var. Ona da yaxşı bələd olmuşam. Çünki indi beş ildir ki, dayısı qızı məndədir. Xüsusən xalası da mənim siğəmdədir, elə birevli kimi sayılırıq. Onun boşadığı övrətdə bir övrətlik yox idi. Yazıq altı dəfə boşadı, aldı, genə də başa gəlmədi. Məclisdən — Tfu, sənin zatına lə’nət belə arvad! Hacı Şükür — Hə, indi görün ki, Məşədi Seyfuallada heç təqsir yoxdur. Yazıq deyəndə ki, balam dur bir kasa su qızdır mən xəttimin hənasını yuyacağam, deyir ki, hamam yaxındadır get hamama. İndi görün bu yazığın təklifi nədir? Məclisdən — Əlbəttə boşamaq! Hacı Şükür — Belə ha! Atanız oldu rəhmətdə Məşədi Seyfulla da bir zabitəli kişi, daha davam edə bilməyib, uşaqlarını da verdi qoltuğuna, saldı bayıra. Məclisdən — Əlinə dönüm! Elə də lazım idi! Mirzə Rəhim — Elə şəriət də belə buyurur. Bir övrət ki, sözə baxmadı, kəbin də düşməz! Hacı Səməd — Qurban olum belə şəriətə. Vallah mən boşadığım arvadlara kəbin versəydim, başımda börküm də qalmazdı. A kişi, belə də olmalıdı da. Yə’ni belə deyil? Akif — Hacılar, mən görürəm ki, siz özünüzü mö’min və müsəlman hesab edə-edə insan olan qadınları heyvan kimi alıb, heyvan kimi də satırsınız. Hacı Şükür — Bəs necə olsun ki? Bir övrət ki, əlli beş yaşında ərinə saqqalını yumağa su qızdırmasın, ona da kəbin düşərmi? Sən bir yollu deyilən ki, şəriətə rəxnə qataçağam. Akif — Bəli! O arvad gərək nəinki onun hənasına su verməyə idi, bəlkə onu həna yaxmağa da qoymayaydı. Çünki əlli beş yaşında baqqal saqqalını qızartmasaydı sən də on bir yaşında Nərgizi onun qucağına salmazdın, o da övrət-uşağını eşiyə salmazdı. Hacı Şükür — Eşiyə salar, canın da alar. Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, qeyrətdən ötrü qoymuşuq. Hacı Səməd — Ay başınıza dönüm, elə mənim də oğlumun e’tiqadı belədir. Hacı Şükür — Mənim oğlum bu e’tiqadda olsa genə şükür edərəm, amma elə söz deyir ki, dilimə gətirə bilmirəm. Hacı Səməd — Olmaya siğəni danır? Hacı Şükür — Deyir ki, heç allah dibindən yoxdur. Mirzə Rəhim — Mirzə Bağır, dur buradan xaric olaq, indi bu imarət uçar başımıza! Məgər allahı da danmaq olarmı? Akif — Hərgah o allah varsa, bəs yerdəki allahlar kimdir? Gözə görünməyən allahın torpağında minlərcə allahlar vardır ki, hamısının behişti, cəhənnəmi, hurisi, gilmanı, cəlali-cəbaruti, əzab mələikələri, əlişan binaları, zərnişan qəsrləri, bəndələri, səcdəsinə yıxılanları da vardır. Hərgah o allah varsa, bəs bunlar nəçidir? Bunlar deyil məgər, mükəmməl bir insan tələsidir ki, o da mənim qardaşım Kərbəlayi Haşımı və bu hacıları aldatmaq üçündür. Hacı Qurban — (daxil olur) Salam əleyküm hacılar! Deyəsən ki, bir az yubanmışam, amma gərək bağışlayasınız. Əyyamda düşər şənbəyə novruz. Bu gün tələbələr yığılıb oğlanlarımın ikisinə də əmmamə qoydular. Akif — (kənarə) Bəli, islamın iki bəlası da artdı. Məclisdən — Ay allah mübarək eləsin! Allah elmlərini artırsın! Kərbəlayi Haşım — Hacı, sən mənim qardaşımın sözünə baxma! Allah xatirinə mənim işimə əncam verin, çıxım gedim allahın evinin ziyarətinə! Hacı Şükür — Xoşa sənin səadətinə. Kaş sənin saqqalında bir tük olaydım. Hacı Qurban — Ey kaş mənim də canım sulu olaydı, bu səfərdə sənə yoldaşlıq eləyəydim! Hacı Səməd — Kaş mən də bir milçək olub sənin başına qonaydım! Əsədulla (daxil olur) — Ay Hacı Səməd ağa, evimiz yıxıldı, adam gəlib ki, Kəblə İman ağanın uşağı keçinibdir. Hacı Səməd — (qalxır) Vay sənin belə həftad puştünə lə’nət belə bədnəzər! Akif — Eyb etməz! Molla əsədlərin duasının bərəkətindən bu dünyada da dirilməsə, axirətdə diriləcəkdir. Mirzə Rəhim — Bəli, bu yazıq uşağın da alnında belə yazılmışdır. (Kəblə Haşıma) Kəblə Haşım, vaxt keçir, vəsiyyətlərini elə. Akif — Bəli qardaş, vəsiyyətlərini elə! İndi görüm sənin, saqqallı körpənin alnında nələr yazılıbdır. Kərbəlayi Haşım — Qardaş, sən allah, əl çək görüm başıma nə gəlir. (axunda) Bax, qəza işidir, mənim başıma bir iş gələrsə, mənə ikirmi illik qüsl, təharət, oruc, namaz alasınız! Dörd nəfər piyada zəvvarın da yol xərcini verib ağa qulluğuna göndərəsiniz. Övrətimin kəbin və həştyekini verərsiniz. O ki, qaldı qızım, onu da bir halal süd əmmişə verərsiniz, malımı da tapşırarsınız əlinə. Mirzə Bağır — Qız barəsində ki, heç nigəran qalmayasan. Akif — Qardaş, yazıqsan, gəl öz evinin dağılmasına bais olma! İndi ki, gedirsən, gəl kəndi də tapşıraq rəiyyətlərə. Mən ki, öz haqqımdan keçirəm. Daha bəsdir bu biçarələrin qanlarını sormaq. Mirzə Rəhim — Mən bu xilafi-şər’ə imza qoya bilmərəm. Çünki bu kəndə hacı çuval dolusu əksinas sayıbdır. Hətta buna mən özüm siğə oxumuşam. Akif — Şəriətdən, siğədən dəm vurmayın, əmməməli quldurlar! İnsan bədəni yırtmaqdan dırnaqları qanlı vəhşilər, siz heç bilirsiniz ki, kimlərin hesabına yaşayırsınız?! (Gedir qapının qabağına eşiyə deyir) Hamınız durub gəlin içəri! Durun, tez! Bir dəstə cındır libaslı kəndli girir içəri. Akif — (məclisə) Siz insan qanları sorursunuz, onlar da necə insan! İnsanların ən fəqiri, ən məzlumu. Bu biçarə fəhlələrin və kəndlilərin qanını! Durun buradan, dinçi oğrular! Mirzə Rəhim — (qalxır) Durun buradan, xaric olaq, daha din əldən getdi. Gedirlər. Akif — (dallarınca) Yalançılar... Oğrular! pərdə düşür. * * * Üçüncü pərdə Vaqe olur Mirzə Rəhim müctəhidin məhkəməsində Mirzə Bağır — (daxil olur) Səlam əleykum! Mirzə Rəhim — Əleykəssalam. Əyləş görək! Nə var ki, balam, sözlü adama oxşayırsan? Təzə xəbər nə var? Mirzə Bağır — Kərbəlayi Haşımın Məkkədə ölməyindən təzə xəbər nə olsun ki? Mirzə Rəhim — Nə söyləyirsən, Mirzə Bağır, bu iş ola bilməz! Mirzə Bağır — Bəli, çox da pakizə ola bilər. Bu işi şəhərdə sizdən başqa hamı eşidibdir. Mirzə Rəhim — And olsun çağırdığın həzrətə bu xəbəri elə indicə səndən eşidirəm, amma gərək şahidlər də olsun. Mirzə Bağır — Allaha şükür şahidə nə gəlibdir? Məgər müsəlman şəhərində beş-on şahid tapmaq çətindirmi? Amma mən bilirəm ki, burası lap dibindən doğrudur. Lakin yazıq Kərbəlayi Haşımın evində heç kişi tayfası da yoxdur, sonra elə olmasın ki, şəriətə xəyanət olsun. Mirzə Rəhim — O barədə nigaran qalma, bilirəm ki, nə demək istəyirsən. Xəyalın Kərbəlayi Haşımın qızını almaqdır. Bu iş əsli olursa qız sənin malındır. Amma mənim də sənə bir işim düşəcəkdir. Mirzə Bağır — Bilirəm, mən sizin mənzurunuzu. Siz də mənə qaynata olmaq istəyirsiniz. Mənim bu gözüm üstə. Mirzə Rəhim — Əl aqilü yekfibil işarə. İndi ki, baş tapmısan, daha nə deyim. Həlimə — (daxil olur) Səlam əleykum. Müctəhid ağa, sizə bir ərzim vardır. Mirzə Rəhim — Əleykəssəlam, (Mirzə Bağıra) daha durma, get şahidlərə xəbər ver, hazır olsunlar. Mirzə Bağır — Orasında söz yoxdur. Amma elə eyləyin ki, şəriətə xəyanət olmasın. Çünki evlərində kişi tayfası yoxdur. Mirzə Rəhim — Daha, dayanma, mənzurunu bilirəm. Tez get, çünki bu zəifənin şər’i məsələsi vardır. Mirzə Bağır — (Gedir, qapı yanından dönür) Gərəz, mənim ərz eləməyim bundan ötrüdür ki, şəriətə xəyanət olmasın. O ki, qaldı mənim işimə, ona da siz vəkil olun. Mirzə Rəhim — Get daha şahidləri gətir (gedir). (Həliməyə) Ey zəifə, nə sualın vardır? Əyləşiniz! Həlimə — Allah-taala sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Mirzə Rəhim — Ey zəifə, şər’i sualın varsa bir az irəli əyləş. İbadətin çoxluğu, səcdələrin uzunluğu nə qulaqlarımda, nə də gözlərimdə qüvvət qoymamışdır. Həlimə — (irəli çəkilir) Ağa, allah bizim ömrümüzdən kəsib qoysun sizin ömrünüzün üstə. Mirzə Rəhim — Ey zəifə, bir az da yaxında əyləş. Çünki qulaqlarıma behiştin qızıl dağlarından axıb tökülən Kövsər sularının gurultuları gəlir. Cəhənnəmdə olan əjdaha nə’rələrini eşidirəm. Göydəki mələklərin təsbeh təhlil sədaləri gəlir, odur ki, dünya sədalərini çox da eşidə bilmirəm. Sözün varsa bir az da irəli gəl. Həlimə — (irəli gəlir) Ağa, doğrusu deyirlər ki, sahibim Kəblə Haşım Cəddədə vəbadan vəfat eyləyibdir? Mirzə Rəhim — Ey zəifə, sizə bunu kim xəbər verdi? İnna lillah və inna ileyhi raciun! Həlimə — Bu xəbəri mənə elə bir adam veribdir ki, atam da, anam da, övladım da ona qurban olsun. Bu gün tezdən bu xəbəri mənə Mirzə Bağır ağa gətirdi. Mirzə Rəhim — Ey zəifə, doğrudur. Göndərmişəm şahidlər gəlsinlər. Akif — (daxil olur) Nə kəsibsən məhkəmələr qapısını ey naqis övrət? Sənə yüz dəfə demişəm ki, bu yalançı müsəlmanların sözünə baxma? Kim Məkkədən gəlmişdir ki, sənin sahibinin ölüm xəbərini gətirsin? Sənin nə sözün varsa mənə söylə, buralarda nə işin var? Nə işin vardır bu haramilər yuvasında? Həlimə — Mənim allah canımı belə yerlərdə çıxarsın. Mirzə Rəhim — Akif, sən üləma qismini rüsva eləmə! İndi göndərmişəm şahidlər də gəlsin. Akif — Hər an şahidlər də sənin yumurtalarındır ki, öz məzhəb və imanlarını beş qəpiyə satmağı adət eyləyiblər. Zülfüqar — (Daxil olur, yanında övrəti Səlmə qoltuğunda boğçası) Ağa, bir məsəl vardır ki, şəriətdə şərm olmaz. Bu arvad mənim əyalımdır. Nə qədər çalışdım yola gedim yenə də başa gəlmədi. Axırda labüd qalmışam gətirmişəm talağını verim. Mirzə Rəhim — (Səlməyə baxır. Zülfüqara) Ey mö’min, xudavəndi-aləm bu barədə kişilərə böyük ixtiyar veribdir. Lakin gərəkdir bir səbəb də olsun. Zülfüqar — Ağa, bir övrət ki, sahibindən iznsiz qohum-qardaş evinə getdi, bir övrət ki, təzə paltarlarını geyib küçəyə çıxdı, daha bu tövr övrət mənim nəyimə gərəkdir? Mirzə Rəhim — Ey mö’min, indi sənə şəriət hökm verir ki, bunu boşayasan. Səlmə — Ağa, hərkah bu sözlərin hamısını bu yalan demiş olsa necə olsun? Məni buna verəndə bircə dəfə atalığım deyib ki, övrət tayfasının qıçı sınıq olar, genə yadımdan çıxmayıbdır. Bircə dəfə mənə yengələrim deyib ki, övrətin ata-anası olmaz, o vaxtdan nə qədər döyər, söyər cavab vermərəm. Neçə dəfə paltarlarımı alıb gözümün qabağında təzə arvadına geydirib. Genə demişəm ki, kişidir, əlacım nədir? Zülfüqar — Yalançıya allah lə’nət eləsin. Qızıl da olsan bundan sonra mənə lazım deyilsən. Sən ağa hüzurunda mənə dil qaytaranda bəs gör evdə nə qayırırsan? Səlmə — Nədən əvvəldən yalançı deyil idim, elə indi yalançı oldum? Niyə ki, mənim dayım qızı Züleyxanı almaq istəmirsənmi?.. Züleyxa deyir Səlməni boşa, onda mən də gələrəm, vəssəlam, mənim təqsirim budur! Mirzə Rəhim — Ey zəifə, kişinin ixtiyarı vardır ki, səni istəməsə boşar. Həzrət özü də buyurubdur ki, la ikrahə fiddin. Səlmə — Şəriət buyurandan sonra mən nə deyəcəyəm? Mən daha kişilərə necə inanım ki, dörd ildir zəhmət çəkib ev tikmişəm indi uşağımı da verib qoltuğuma yola salırsan? Çarəm nədir, sahibsiz adamam. Kəbinimi verin çıxıb gedim. Zülfüqar — Bir övrət ki, sahibinin sözünə baxmadı, dəxi kəbin nə üçün? Budur, bir boğça da paltar vermişəm, bəs olmayırmı? Səlmə — Bəs mən ata-anasız adam hara çıxıb gedim? Mirzə Rəhim — Ey mö’minə, sən də cavanəsən, bu kişi olmaz gedərsən başqa ərə. Səlmə — (Üzü göyə) İlahi, sən buna razı olursan ki, müsəlman övrəti fitə kimi gündə bir adamın belinə bağlansın? İlahi, sən razı olsan da, şəriətin hökm versə də, mənim həya və namusum bunu qəbul eləməz. Amma nə yapım? Zalım kişilərin istibdadı hələlik hökm sürür. Zülfüqar — Ağa, mən bunun həyasını tanıyıram, ver talağını çıxıb getsin. Mirzə Rəhim — Allahümmə səli əla Mühəmmədin və ali Mühəmməd. Zövcə və təma taligün təllətəhu, hiyə taligün təlləgəyü və hiyə taligün mər’ohyə, taligin riççiyyə. İndi gedə bilərsiniz. Səlmə — Eybi yoxdur, ağa, götürsün uşağını, mən də çıxıb bir tərəfə gedim. Evim ki, yoxdur, bu uşağı harada saxlayacağam? Zülfüqar — Mənim uşaqdan nə xəbərim vardır? Uşaq sənin əvvəlki ərindəndir. Səlmə — Ey insafsız və zalım kişi, mən dörd ildir ki, sənin evindəyəm, daha bu körpə uşaq haradan mənim əvvəlki ərimdən ola bilər? Zülfüqar — (Bir manat axunda verir). Axund, buyur bu da sizin həqqi-zəhmətiniz. İnşallah, genə işimiz düşəndə xidmət elərik. (gedir). Səlmə — Get, zalım kişi, bu uşağın ahu zarı sənə bəsdir... Eyb etməz, de ver kağızımı əlimə çıxım gedim. Mirzə Rəhim — Bu uşaq məsələsi işi əngələ saldı. Sabaha kimi səbr elə, bir də kitablara baxım, bəlkə bu işə bir əncam çəkəm. Səlmə — (ağlaya-ağlaya) Vallah heç bilmirəm bu ac-susuz uşağı hara aparım. (gedir) Gənbər ilə Nazlı daxil olur. Gənbər — Səlam əleykum! Axund, yenə sənə bir işim düşübdür. Mirzə Rəhim — Əleykəssəlam! Nə olub yenə? Olmaya bu qızı götürüb qaçmısan? Çünki mənə bir az tanış gəlirsən. Gənbər — Bəli axund, sizə keçən il payızda da bir belə işim düşmüşdü. Mirzə Rəhim — Bu qız kimlərdəndir yenə? Gənbər — Bu qız Baş kəndli Hacı Rəşidin qızıdır. Çoxdan bəri istəyirdim, deyirdilər arvadı vardır vermərik. Haman qızı da ki, keçən il götürüb qaçmışdım, çox tayfalı olduğuna görə boşuya bilmirdim. Allah tərəfi bu il kənddə el davası düşəndə səkkiz arvada güllə deyib öldü ki, biri də bizim arvad idi. Mirzə Rəhim — Pah, yazıq övrətlər. Nə zaman olubdur. Akif — Bəli, elə də olmalı idi, çünki sizin kəbinlərin ondan da artıq tə’siri ola bilməz. Gənbər — Axund, hələ o övrətin ölməyi cəhənnəmə, sonra baxdım gördüm ki, bu da əlimdən çıxır. Bu əhvalatı eşidib qızı tez əmisi oğluna adaxlandırıblar. Mən də labüddən bir ay bundan əvvəl götürüb qaçdım. Akif — (Həliməyə) Həlimə xanım, dur buradan çıx! Bura insan yeri deyil. İnsaf, vicdan sahibi burada oturmaz. Həlimə — Yox! Nə qədər ki, şahidlər gəlməyib, işi dürüst yəqin eləməmişəm, heç yerə gedəsi deyiləm! Sənin mənilən işin olmasın. Akif — Qal burada. Çünki sizin kimi nadanların bəlası da buradandır. (gedir). Mirzə Rəhim — (Həliməyə) Ey zəifə, sən baxma bunun sözünə. Bunun nə dini var, nə də məhkəməyə, mollaya inanır. (Nazlıya) Sən nə deyirsən, qızım, sən də bu oğlanı sevirsənmi? Nazlı — Sevdim, sevmədim, bir aydır ki, məni aparıb saxlayır. Mən ki, bundan sonra qohum-qardaşın içinə gedə bilmərəm, çarəm nədir? Mirzə Rəhim — Bəli, görünür ki, qızın da rizası vardır. Lakin gərək qızdan yenə də bir neçə nəfər övrətlərin yanında rizalıq almaq. (Gənbərə) Bu qızı göndər bizim evə sənin özün də qonaqsan, tainki saat xoşlayıb nikahi-şər’ini cari edək. Mirzə Bağır, yanında şahidlər daxil olurlar Mirzə Bağır — Cənab ağa, bu da sənin şahidlərin. Özləri də mö’min və inanılmış adamlardır. Gözlərini də açıb özlərini məsciddə görüblər. Mirzə Rəhim — Əyləşin, ey allahın mö’min və istəkli bəndələri. Sizə xudavəndi-aləmin behiştilə müjdə verirəm. Otağın dalısından Hacı Saleh ilə Nəsrullanın səsi gəlir. Hacı Saleh — (daldan) Şəriətdən çıxanın başına yüz yumruq vuraram. Sənin həddin nədir ki, müctəhid məhkəməsindən qaçasan? (Nəsrullanın yaxasından tutub daxil olurlar). Nəsrulla — Mənim məhkəmədə nə işim vardır? Mənə verdiyin manat yarımdır. Çox ola üç manat alarsan. Hacı Saleh — Olmaz, həyasız oğlu həyasız! Şəriətdən qaçanın atasına od vuraram. Çox danışıq lazım deyil! İndi mən isbat eləyərəm ki, mənə neçə borcun vardır. Mirzə Rəhim — Yenə nə vaqe olubdur, ey allahın bəndələri? Qorxun allahın qəzəbindən. Hacı Saleh — Ağa, düz bir ildir ki, bu mənə ikirmi dörd manat pul verəcək. İndi mən atlı olmuşam bu piyada, ala bilmirəm ki, ala bilmirəm! İndi də bidin oğlu bidin müctəhid hüzuruna gəlməkdən də boyun qaçırır. (məclisə) Vallah gərək bunun kimi kafirlərin ölüsünü də basdırmayasan, qalıb yerlərdə qoxusun. Mirzə Rəhim — (Nəsrullaya) Balam, nə üçün incidirsiniz bu allahın mö’minlərini? De görüm bu hacıya nə qədər borcun vardır? Nəsrulla — Ağa, yalan desəm bunun getdiyi Məkkə mənə qənim olsun. Yalan desəm o başındakı əmmamə mənə qəzəb eləsin, əgər mən bundan manat yarımdan artıq pul almışam. Mirzə Rəhim — Nəsrulla, füzulluq eləmə, hacı yalan söyləməz. Hacı Saleh — Balam, əgər mən sənə pul tənzilə vermişəm, burada oturanlar üzümə tüpürüb desinlər ki, hacı saqqalın həcər əsvədə sürtüb, Zəmzəm suyundan dəstəmaz alıb, Mina dağında namaz qılıb qurban kəsəndən sonra gəlib pul müamiləsi alır. Mənim də işim ticarətdir ki, o da halaldır. Mirzə Rəhim — Nəsrulla, düzünü söylə görüm bu necə əhvalatdır? Nəsrulla — Ağa, bir iş ki, allahdan gizli deyil, allahın peyğəmbərinin məsnədində oturandan niyə gizlədim? Düzü budur ki, mənim külfətim qışda ac qalmışdı. Getdim hacıdan bir put buğda manat yarıma aldım ki, baharda gedim bağında yeddi gün işləyim. Qəzadən də baharda naxoşlayıb gedə bilmədim. Hacı Saleh — Budur ha, atan oldu rəhmətdə. Elə mən də bunu istəyirdim ki, deyəsən. De görüm baharda fəhlə neçəyə işləyirdi? Hərkah bu şəriətə e’tiqadın var düzün söylə! Nəsrulla — Mən namaz qıla-qıla yalan danışa bilmərəm. Fəhlə işləyirdi gündə bircə manata. Hacı Saleh — Xub, balam, baharda ki, sən işləməyə gəlmədin, mən də günü bir manatdan fəhlə tutub sənin yerində işlətdim. Buna nə deyirsən? Mirzə Rəhim — Nəsrulla, sən öz iqrarınla hacıya şər’ən yeddi manat borclusan. Hacı Saleh — Belə ha! Atan oldu rəhmətdə. Sən buna bax, bu üzü qara olmuşa dedim ki, balam, sən gəl ya mənim yeddi manatımı ver, yainki necə ki, bu günün məzənnəsi, xirmən vaxtı yeddicə put buğdamı ver. Belədi, belə deyil? Nəsrulla — Bəli, belədi ki, buyurursan. Üləma hüzurunda dana ki, bilmərəm. Mirzə Rəhim — Xeyli xub, bəs nə üçün yeddi pud buğdamı vermədin? Nəsrulla — Haradan verəydim? Bütün mahalın əkinlərini çəyirtkə yeyib qurtarmışdı. Hacı Saleh — (qəzəbli) Həyasız oğlu həyasız. Mənim ki, çəyirtkə ilən bir qohumluğum zadım yoxdur. Onların zərərin də istəyirsən məndən çıxasan? Mirzə Rəhim — İndi məlum oldu ki, cəmi təqsirlər Nəsrulladadır. (Nəsrullaya) Balam, indi sənin fikrin nədir? Nəsrulla — Nə fikrim olacaqdır? Xirmən vaxtı buğdanın putu olmuşdu iki manata. Hacı başladı ki, gərək on dörd manat verəsən, məndə də ki, yox idi. Hacı Saleh — İndi siz mənim adamlığıma baxın ki, görün nə yaxşılıq eləmişəm. Gördüm ki, pulu da yoxdur, buğdası da yoxdur. Dedim gəl barama vaxtı bircə put barama ver. Onda da ki, tacirlər baramaya on dörd manat pul verirdilər. Balam belədi ya yox? Nəsrulla — Bəli, belədi ki, buyurursan. Hacı Saleh — Müsəlman qardaş, bəs mənim baramamı nə deyib vermədin? Nəsrulla — Bu təqsir ki, məndə deyil, o zaman kənd ağası gəlib torpaq kirayəsindən ötrü barama damlarının möhürlədi, onda sən də qoluqçaqlıq eyləyib gəlib haqqını aparaydın. Necə ki, bir çoxları apardı. Hacı Saleh — (axunda) İndi görün ki, mən buna nə yaxşılıq eləmişəm? Dedim allahın bəndəsi, indi ki, baraman olmadı, gün məzənnəsilə pulumu ver. Pulumu da vermirsən, genə sözüm yoxdur. Putu gedir 24 manata, gəl elə o pula pambıq vaxtı bircə put mahlıç ver. Mirzə Rəhim — Nəsrulla, daha belə adamlıq olmaz, buna sözün nədir? Nəsrulla — Axund, mən nə çarə qılaydım? Var yox bir put dörd kirvənkə mahlıçım olmuşdu ki, ona da ikirmi adam barmağın basmışdı. Dəllək bir il başımı qırxıb pul almayıb, Molla Məhərrəm oğluma qur’anı çıxartdırıb pambıq vaxtını gözləyir. Mir Sadıq ildə bizdən bir nəzir alar, o da öz yerində. Mərsiyəxan oruclugda, məhərrəmlikdə mərsiyə oxuyub pul alacaqdır. Divan pulları da qalır. Ayıb olmasın, hamamçı usta İbadulla ki, bir həyasızın birisidir. Müxtəsər dərviş, dilənçi, falçı, oyunçu hamısı gözün tikib o bircə pud mahlıça. Mirzə Rəhim — Hacı, doğru deyirsən, bu həyasızdır, sən genə də pulun üstünə bir zad gəl, özünə də bir az ver, qoy qalsın gələn xirmən vaxtına. Hacı Saleh — Sözüm nədir? Qırx manata hüccət versin, özünə də dörd manat verərəm, bu şərtilə ki, bağçasını bey-şərt qoysun. Nəsrulla — Sözüm nədir ki? Şəriət necə hökm edərsə, axund elə eləsin. Mirzə Rəhim — (Mirzə Bağıra) Mirzə Bağır, sən bir bey-şərtnamə yazarsan, sabah bu Nəsrullaya qol çəkdirib verərsən hacıya... Daha buyura bilərsiniz. Gedirlər. (Mirzə Bağıra) İndi gətir şahidləri görüm kimdir. Pinəçi Kərim — (gəlir irəli) Müctəhid ağa, mənim adım pinəçi Kərimdir. Özüm də indi neçə ildir ki, məscid ağzında başmaq yamaram, özüm də rəhmətlik Kərbəlayi Haşımın Məkkədə ölməyini təfsilən bilirəm. Mirzə Bağır — Gördün ki, ağa, bu məsələ yalan deyil? Həlimə — (ağlayır) Qürbətdə can verən canına Həliməyin dul qalan canı qurban olsun, ay Kərbəlayi Haşım! Mirzə Rəhim — Görəsən rəhmətlik gedənbaş ölüb, ya gələnbaş? Pinəçi Kərim — Xeyr ağa, qayıdanbaş ölübdür! Mirzə Rəhim — Demək ki, rəhmətlik çardəh mə’sumu tamam eləyibdir. Mirzə Bağır — Xeyr, qəribəsi budur ki, çox asanca da can verib dir. Şam namazının qunutunu tutanda vəba tutub, xiftən namazında keçinibdir. Elə bircə bunu deyib ki, mənim salamımı Mirzə Rəhim ağaya yetirin, ərz eləyin ki, hamıdan əvvəl mənim evimə bir kişi tayfası tapsın. (usta Kərimə) Bəli, indi siz buyura bilərsiniz! Həlimə ağlayır. Pinəçi Kərim — Şahsənəm oğlu Sarı Babanın bibisi oğlunun qardaşı gəlinin xalası oğlu pişik Məhəmmədvəli gəlmişdi yanıma başmaqların tikdirməyə. Yanın qoymuşdu kötüyün üstünə, söhbət eləyirdi. Bu söhbətləri mənə o nağıl elədi. Mirzə Bağır — (məclisə) Daha bu qədər şahidin qabağında kimin nə sözü ola bilər? Kişi lap nənəsinin, xalasının, bibisinin adı ilə nağıl eləyir. (pinəçi Kərimə) Bəli, söhbətinizi buyurunuz! Pinəçi Kərim — Söhbət hacılara yetişəndə, ağa, Məhəmmədvəli buyurdu ki, bəli bu mətləb doğrudur. Mirzə Rəhim — Balam, mətləb lap vazeh imiş ki! Həlimə — Yaxşı qapım bağlı qaldı. Mirzə Bağır — Hələ Usta Kərim nə deyib ki, sözün dalısına qulaq veriniz. (pinəçiyə) Bəli sözünüzü buyurun! Pinəçi Kərim — Guya dünən gecə tabağçı Qurbanın qardaşı arvadının ökey bacısını köçürmüşlər. Orada deyiblər ki, Tubu Cə’fərin oğlu qəlyanquş Lütfullaya İstambuldan bir kağız gəlib. Kərbəlayi Haşımın ölməyi orada təfsilən yazılıbdır. Mirzə Rəhim — Xeyr! İşin hüsnü burasındadır ki, şahidlərin də hamısı mö’təbər adamlardır. Mirzə Bağır — Axund, başına and olsun ki, hələ mö’təbərləri daldadır, hələ sözlərinin hamısını deməyibdir. Pinəçi Kərim — Dünya tufana getsə mən imanımı yandırmaram. Kağızda aşikar yazılıbdır ki, «Cəddədə bir nəfər hacı vəbadan vəfat eləyibdir.» Mirzə Rəhim — Xeyli xub, vəfat eləyib öz yerində. Bəs nə məlum olubdur ki, ölən doğrudan da Kərbəlayi Haşımdır? Pinəçi Kərim — O nişanələri ki, deyirlər yəqin olur ki, onun özüdür. Deyirlər ki, alçaq boyu, arıq bədəni var. Boğazının altı və ovurdları qırxılmış ikən barmaq enində saqqalı, qulaqlarının dalısında kiçikcə xətbaşısı, uzun və uçuəyri burnu... Həlimə — (ağlayır) Elə rəhmətliyin özüdür ki, vardır. Bala üzünə həsrət qalan canına qurban olum! (ağlayır). Pinəçi Kərim — ...Gözlərinin yanları qırmızı, kirpikləri yox, əynində boz mahutdan çuxası, qolunda sarı yamaq. Bu nişanələr də ki, tamamilə Kərbəlayi Haşımda vardır. Mirzə Bağır — Buna daha kimin sözü ola bilər? Amma burası var ki, yazığın evində heç kişi tayfası yoxdur. Mirzə Rəhim — İnna lillah və inna ileyhi raciun. Daha kim var şahidlərdən? Mirzə Bağır — Hələ şahidlərin böyüyü daldadır. Budur, Mələk xanım dəllal, Minabəyim xanım çorabçı, Nurəli xırdavatçı. Hamısı gəlir irəli. Mirzə Rəhim — Xeyr a, daha bu mö’minlərə zəhmət vermək lazım deyil. Usta Kərim ikirmiyə qədər şahid nişan verdi bəsdir. İndi daha məsələ aydınlaşdı. Gərək bu saat gedib yazığın hesab-kitabın, sandıqların möhürləmək, yoxsa şəriət əldən gedər. Molla Kazım tələsik içəri girir. Molla Kazım — Müjdə olsun sizə mö’minlər! Nə qafil oturubsunuz? Ey allahın bəndələri, məgər təzə xəbərləri eşitməyibsiniz? Mirzə Rəhim — Məgər nə vaqe’ olubdur, axund Molla Kazım? Molla Kazım — Nə olacaqdır? İnkilislər Kərbəla yolunu açıb, indi hamı gedə bilər. Məclisdən — Allah inkilislərə ömür versin. Qalxırlar. Pərdə düşür. * * * Dördüncü pərdə Vaqe’ olur Kərbəlayi Haşımın evində. Ev bir dövlətli mülkədar evini təsvir edir. Münəvvər bir tərəfdə oturub ağlayır. Anası Həlimə evi düzəldir. Akif — (daxil olur, Həliməyə) Həlimə xanım, sən bu deyilən sözlərə qulaq vermə! Mən bilirəm ki, Kərbəlayi Haşım ölməyibdir. Heç kəs nə Məkkədən gəlib, nə də kağız vardır. Bu deyilən sözlərə baxıb evi dağıtma. Həlimə — Sən məni genə aldadırsan. Budur deyirlər ki, paltarlarını da gətiriblər. Mən hər cür olsa gərək işimi yerbəyer eləyəm. Budur, kişinin yası da tutulub qurtarıb, bu hələ deyir ki, ölməyibdir. Akif — Sən nağissən! Mən bilirəm ki, sən bu ailənin bədbəxtliyinə bais olacaqsan. Axırıncı sözümdür ki, sənə deyirəm, Kərbəlayi Haşım ölməyibdir. Həlimə — Get bu nəsihətləri öz övrətinə eylə! Mənə lazım deyil! Akif — Mənim sözümü sonra anlayacaqsan! (gedir). Əsədulla — (daxil olur) Xanım, axundlar buyurur ki, get biz də bu saat gəlirik. Həlimə — (Münəvvərə) Bax, qızım, sənə deyirəm, daha ağlamaqdan, zaddan keçibdir. Axundlar nə desələr daha dil qaytarmayasan. Mirzə Bağır da bir mö’min kişidir. Mənim yüz qızım olsun, yüzü də Mirzə Bağırın çağırdığına qurban olsun. Münəvvər — İstər Mirzə Bağır allah da olsa mən ona ərə getməyəcəyəm. Əvvəla budur ki, mənim atamın ölüm xəbəri hələ iki ay deyil ki, gəlibdir... Mən Akif əmimin sözünə də inanıram ki, atam ölməyibdir. Həlimə — Səfeh-səfeh danışma, vallah dilini kəsərəm! Sənin də ağlın əminin ağlına bərabərdir. Səni evdə saxlayıb saçını ki, ağartmayacağam? Münəvvər — Ana, sənin heç insafın yoxdur ki, məni bu uşaq vaxtımda əlli beş yaşında mərsiyəxana verirsən? Həlimə — Kəs səsini! Nasəza danışma, əmin kimi! Bir də mənim axirətimdə məni cəhənnəm odundan xilas eləsə ancaq onlar eləyəcəkdir. Münəvvər — Cəhənnəm odunda yanmaq dünyada bu odlarda yanmaqdan yaxşıdır. Nə fərqi vardır. Mirzə Bağıra getməyin özü də bir cəhənnəmdir. Vallah, özümü öldürərəm, getmərəm. (eşiyə çıxır). Əsədulla — (daxil olur) Xanım, başınızı örtün, axundlar təşrif gətiriblər. Həlimə çadırşəbi çəkir başına. Mirzə Rəhim — (Mirzə Bağır ilə daxil olur) Mirzə Bağır, mənim də zəhləm o evdən gedir ki, orada kişi tayfası olmasın. Mirzə Bağır — Cənab ağa! Kişi tayfasının olması da sizin iltifatınızdan asılıdır. Hələlik gərək bu zəifənin xatirəsinə xudavəndi-aləm dərgahına istiğfar edib əyləşəsiniz, çünki burada sizin hər bir nəfəs çəkməyinizin özü də qiyamətin günü ev sahibinin günahlarını əfv etdirəcəkdir. (Tutub qolundan əyləşdirir). Həlimə — Allah sizin kimi alimlərin kölgəsini bizim başımızdan əskik eləməsin. Mən sizi özümə ata hesab edirəm. Mirzə Rəhim — Əstəğfürulla elə ey zəifə! Məbada bir də belə kalamə mütəkəllim olasan. Çünki sənin sahibin olmadığına görə mənə naməhrəmsən. Mirzə Bağır — Hərkah sizin kimi kərəm dəryası olan ağaların ehsanı olursa bu zəifə sahibsiz də qalmaz. Mirzə Rəhim — Mirzə Bağır, bütün işlərin düzəlməsi bu zəifənin özündən asılıdır. Həlimə — Ağa, məni siz öz qızınız hesab ediniz, çünki mənim sizdən başqa bir adamım yoxdur. Mirzə Rəhim — Mirzə Bağır, dur buradan məni xaric elə. Mən on səkkiz ildir ki, Nəcəfdən gəlmişəm, qulağıma naməhrəm səsi gəlməyibdir. Bu gün mənim ikirmi illik ibadətim zaye oldu. (qalxmaq istəyir). Mirzə Bağır — Əyləşiniz, cənab ağa! Bu zəifə elmsiz və dünya görməmiş bir övrətdir! Siz gərək bunlara xudavəndi-aləmin şəriətini yetirəsiniz. (Həliməyə) Xanım, siz də gərək hüşunuzu ağanın fərmayişlərinə verib anlayasınız ki, ağa nə fərmayiş buyurur və buyurmaq istəyir. Həlimə — Mən elmsiz övrət bunları haradan baş tapım? Mirzə Bağır — Doğru buyurursan xanım! Müctəhid cənablarının hər sözünün qur’an ayəsi kimi qırx mə’nası vardır. Hərkah siz bir allah bəndəsini oğulluğa qəbul eləmiş olsaydınız bu söhbətlərin heç birisi olmazdı və işləriniz də düzələrdi. Həlimə — Cəmi malım da, canım da qurban olsun ağanın ayağının torpağına. Mənim nə həddim vardır ki, onun sözündən çıxım? Mirzə Rəhim — Mirzə Bağır, artıq burada oturmağa taqətim yoxdur. Budur qiyamətin günü gəlib durub gözümün qabağında. Budur şəriət sahibi gözümün qabağında duruyub deyir: Mirzə Rəhim, sən hara, naməhrəm övrətlərin məclisi hara? Mirzə Bağır — Cənab ağa. Gərək bu xanımın xatirinə də olsa əyləşəsiniz. Mirzə Rəhim — Mirzə Bağır, sən bais olma ki, şəriət sahibi məndən rəncidə olsun. Budur şəriət sahibi mənə xitab edir ki: Mirzə Rəhim, hanı sənin Nəcəfdə 20 il gündüzləri oruc, gecələri əhya saxladığın zamanlar? Mirzə Bağır, budur cəhənnəm qapısında duran əzab məlaikəsi görünür. Əlində olan odlu kürzün işığı gözümə düşür. Mirzə Bağır — (sərasimə) Allahümmə səlli əla Mühəmməd və ali-Mühəmməd mö’cüz oldu! Sənə şək gətirənin zatına lə’nət. (Qalxıb əlindən, ətəyindən öpür). Mirzə Rəhim — Budur behiştin qapısında duran məlaikələr. Əllərində gül dəstələri tutub deyirlər: qırx ildir biz hurilər sənin intizarını çəkirik. Məbada sən dünyaya aldanıb bizi öz ziyarətindən məhrum eləyəsən! Dur buradan xaric olaq. Həlimə — Anam-atam sənə fəda olsun, bəs siz də mənə rəhm etmiyəsiniz, kimlər edəcək? Mirzə Bağır — Cənab ağa, tamam yerin, göyün ixtiyarı sizin əlinizdədir. Rəva deyil ki, bu biçarəni şəfaətinizdən məhrum eləyəsiniz. İndi ki, təşrif gətirmisiniz, bunun işlərini yerbəyer buyurunuz. Özü də dul övrətdir. Xüsusən bir qızı da vardır. Evində də ki, kişi tayfası yoxdur. Zəhmət çəkib evlərin möhrünü götürəsiniz. Mirzə Rəhim — Düz deyirsən, Mirzə Bağır! Lakin kilidlər yanımda deyil gərək gedib gətirsinlər. İbadət etdiyim, sovməəmdə oturduğum köhnə qoyun dərisinin altındadır. Mirzə Bağır — Cənab ağa, mən kilidləri bu saat gətirrəm və siz də mənim tərəfimdən vəkilsiniz. Mirzə Rəhim — Mirzə Bağır, ləxeyrə fittə’çil! Mirzə Bağır — (getdikdə) Əlağilünə la yestəxirünə filumurul xeyr. (gedir). Mirzə Rəhim — Ey zəifə, bil və agah ol! Zamani ki, qiyamətin günü bərpa olar, hökm-rəbbülərbab yetişər. Oddan bir dar ağacı asıb oradan bə’zi üləmaları dara çəkərlər. Xitab yetişər; ey mənim bəndələrim, bunlar haman alimlərdir ki, camaatdan kənar yaşayıblar. Bir az yaxında əyləş! Razı olmayasan ki, qiyamətin günü xudavəndi-aləm məni də o dar ağacından başı üstə assın. Həlimə — Baş üstündə! Müctəhid ağa izin verəndən sonra bizim nə həddimiz vardır ki, sözdən çıxaq (əyləşir irəli). Mirzə Rəhim — İrəli! İrəli! Ey zəifə, bir az da irəli! (Həlimə bir az da irəli gəlir) Xeyr, olmadı! Olmadı! Yaxına! Yaxına! «Cameüləxbar» kitabında həzrət özü buyurur ki, İnnə təgərrubu və kanə kildul-muhübb vəlməvəddə! İrəli əyləş mö’minə! Həlimə — Ağa, allah bizi qiyamətin günü sizin şəfaətinizdən binəsib eləməsin! (İrəli əyləşir). Mirzə Rəhim — İrəli əyləş, mö’minə! Kitabülənvar sahibi buyurur ki, hər övrət ki, bir qədəm üləmaya yaxın qoysa min qədəm behiştə yaxın qoyacaq. Hər övrət ki, iki qədəm üləmaya yaxın qoysa gözlərin yuman kimi bila sorğu və sual özünü behiştin içində görəcəkdir. Yaxına əyləş, zəifə, ta ki, sən də əhli-behiştdən sayılasan. Həlimə — (ağlayır) Daha sizdən də başqa biz kimlərə ümid bağlayaq? (irəli əyləşir). Mirzə Rəhim — Təzkürətülüləmadə həzrət buyurur ki, hər o günahkar övrətin ki, bədəninə üləmanın nəfəsi toxunsa cəhənnəm odu onu yandırmaqdan həya eylər. Yenə də mur’atunnisa sahibi buyurur ki, hər övrətin bədəni ki, üləmanın bədəninə sürtüşür qiyamətin günü behiştin hurilər yığışıb haman övrəti ziyarət edərlər. Elə ki, haman övrət behiştə daxil olar tamam behişt əhli onun bədəninin ətrindən valeh, heyran olarlar. İndi bu övrətlərdən olmaq istəyirsən irəli gəl mö’minə! Həlimə — (ağlayır) Ağa, sənə and verirəm bu başındakı əmmaməyə, məni cəhənnəm odundan xilas elə. (irəli gəlir). Mirzə Rəhim — Ey mö’minə, sənə müjdə olsun ki, behiştin hurilərinin xanımı olacaqsan. Amma yenə cəhənnəm odundan qorx. Budur, mənim cəhənnəmin qorxusundan ürəyim nanə yarpağı kimi titrəyir. İnanmayırsınız əlinizi sinəmə qoyun. (Həliməyin əlini çəkib basır öz sinəsinə) Yəqin ki, sizin də ürəyiniz döyünür. (Əlini istəyir qoysun Həliməyin sinəsinin üstünə, Həlimə çəkilir). Gərək siz tezlikdə bir məhrəm ixtiyar edəsiniz. Vallah cəhənnəmdən sizə xilas olmağa söz verə bilmirəm. Həlimə — Ay ağa, mən necə məhrəm ixtiyar edə bilərəm ki, hələ Kərbəlayi Haşımın ölüm xəbərindən iki ay da keçmədi. Mirzə Rəhim — Sənə iddə gözləmək lazım deyil, çünki sahibin yeddi aydır gedib. Həlimə — Bəs elə isə indi necə olacaq ki? Mirzə Rəhim — Necə olacaq? Sən məni vəkil edərsən, mən də siğeyi-şəriyyəni cari eləyərəm. Həlimə — Doğrusu bilsəydim ki, o allah bəndəsi kimdir daha da yaxşı olardı. Mirzə Rəhim — Daha soruşmaq nə lazım, ey mö’minə! Ancaq burasını bilməlisən ki, qiyamətin günü hurilər səni ziyarət eləyəcəkdir. Əcəba sən bunu istəmirsənmi? Həlimə — Müctəhid ağa, məni kənizliyə qəbul edəndən sonra mənim nə sözüm ola bilər? Mirzə Rəhim — (gülür) Xoşbəxt xanım! (əlini atır çənəsinə) Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd. Ənkəhtül-mər’iyyətül mə’lumati və zəvəctü mər’iyyətil mə’lumati li. Allah mübarək eləsin! Mirzə Bağır tələsik daxil olur. Mirzə Bağır — Allah sizə ömür versin, görünür bəndənin kari-xeyrini tamam eləyibsiniz! Mirzə Rəhim — Xeyr Mirzə Bağır! Soruşdum qız hələlik səğirdir, gərək həddi-buluğa yetişsin. Ancaq bu mö’minə özünə məhrəm ixtiyar elədi. Mirzə Bağır — Nədən qıza kəbin düşmür, əri səlamət və hal-həyatda olan övrətə kəbin düşür? Mirzə Rəhim — Bu nə füzulluqdur, Mirzə Bağır! Məgər Kərbəlayi Haşımın ölüm xəbərini üç nəfər adil şahidlər sənin öz yanında iqrar etmədimi? Mirzə Bağır — Bəli, siğəni tez dalı oxu! İndi bu saat adam gəldi ki, Kərbəlayi Haşım gəlir. Həlimə — (qalxır ayağa) Belə dilinə qurban olum! Hərkah bu doğru olsa Münəvvər səğir də olsa sənin malındır. Mirzə Bağır — Yalan desəm bu əmmamə mənə xəsm olsun ki, özü də gəlir. Tez ol, qurban-zad varsa göndər qabağa! Həlimə — (Mirzə Rəhimə) Bəs ağa, indi bu iş necə olsun? Bəlkə ərim gəldi? Mirzə Rəhim — Əlhəmdülillah, məmləkət müsəlman məmləkətidir. Biz üç nəfər şahidə e’tibar edib bu xeyir işə əncam verdik, xüsusən Kərbəlayi Haşım özü də şəriət əhlidir. Bildi ki, üç nəfər şahid keçib şəriətdən çıxa bilməz. Əsədulla — (daxil olur) Ağa, sizin övrətiniz Nisabəyim xanım sizi soruşur. Mirzə Rəhim — (Tələsik) Get xəbər ver ki, burada heç kəs yoxdur. Mirzə Bağır — Xeyr! Xeyr! Şəriət əhli yalan danışmaz! (qapıya sarı gedir) Buyurun, buyurun ağanın təşrifi buradadır. Həlimə — (tərəfə) Boy, yaxşı abrım getdi. Nisabəyim — (daxil olur) Kişi, yenə niyə gəlib bu ərli övrətin evinə soxulmusan? Mirzə Bağır — Eybi nədir, ərli olanda nə olar? Cənab müctəhid üç nəfər şahid ilən Həlimə xanıma ikinci ər olur. Allah mübarək eləsin. Nisabəyim — Sənin ki, peşən lotuluqdur, daha bu əlli arşın tənzifi niyə başında avara eləmisən? Başıma dəysin sən apardığın şəriət. Mirzə Rəhim — Övrət, çox danışma, gəlmişəm bu övrətin evinin möhrünü götürməyə. Mirzə Bağır — Bəli, nə üçün, elə kəbin kəsmək üçün də bu gün saat xoş idi. Təəssüf olsun ki, zifaf müyəssər olmadı, çünki indi bir saatdır ki, qalıb sahibi gəlsin. Nisabəyim — (hirsli) Bu saat ver mənim talağımı, həyasız köpək! Mirzə Rəhim — Qızıl da olsan saxlamaram. Al bu da sənin talağın: zəvətçi taligəhü təlləgəh, hiyə taligəhü təlləgəhü və hiyə taligəhü mərrəh, təlaqən riç’ijjə! Əsədulla — (tələsik daxil olur) Aman günüdür, kömək eləyin. Birisi əlində xəncər gəlib axundu soruşur. Az qaldı ki, məni də öldürsün. Mirzə Bağır — Füzulun birisi, üləma hüzurunda yalan danışmaq olurmu? Get söylə kimdir içəri gəlsin. Mirzə Rəhim — Mirzə Bağır, xof elə qiyamətin günündən, fitnəyə bais olma! Mirzə Bağır — Qorxma axund! Sənin qiyamətin bu gündən başlayır. Gənbər — (daxil olur) Hanı o imansız, dinsiz molla? Onu gərək qurban payı kimi doğrayam. Mirzə Rəhim qaçmaq istəyir. Nisabəyim — (tutur) Qaçma həyasız köpək! Kişinin arvadını bir aydır ki, gətirib bəhanə ilə saxlamısan. Gənbər — A kişilər, bir bunun həyasına baxın! Qızıl güllələrin altından arvad qaçırmışam, bir ay da saxlamışam, indi istəyir ki, kələk qurub alsın özünə. Vallah bu həyasızı öldürəcəyəm. (irəli gedir). Mirzə Bağır — Hələ öldürmək olmaz! Çünki haq-hesabın böyüyü daldadır. Gənbər — Belə də bişərm adam olar? İki aydır övrəti salıb qıfıl altına. Hansı gün gedirəm deyir ki, saat xoş deyil. Mirzə Bağır — Ağa düz buyurubdur. İndiyə qədər saat xoş deyil idi. Amma indi xoşdur. Ağa on dəqiqənin içində bunu alıb, bunu da boşayıbdır. (övrətləri göstərir) Amma heyf olsun ki, aralıqda əli boş qalan ağa oldu, çünki bunun əri gəlir. Zülfüqar — (daxil olur) Belə sənə müctəhid deyən kişinin imanına lə’nət! Ay həyasız oğlu, həyasız, mənim övrətimi niyə almısan? (məclisə) Kişilər, and olsun sizin başınıza, qırx lotularda da belə həyasızlıq olmaz! Övrətimin burnunu yerə sürtməkdən ötrü apardım bunun yanında talağın verdim ki, bir az ağıla gəlsin, elə mən ki, eşiyə çıxmışam siğəsini özünə oxuyubdur. Nəsrulla — (Ağlaya-ağlaya) Belə mənim balalarımı ağlar qoyanı ağlar qalsın! Şəriətin sənə xəsm olsun! Ey biiman. Mən sənə nə yamanlıq eləmişdim. Nə hiyləyi-şər’ elədin ki, mənim var-yox bir bağçamı verdin Hacı Saleha? İndi deyir ki, bağça çıxıb bey-şərtinə. Əsədulla — (sevinə-sevinə) Ay xanım, müjdəmi ver! Kərbəlayi Haşım ağam gəldi. (Məclisdə həyəcan başlayır). Kərbəlayi Haşım, hammal dalında əşya daxil olur. Kərbəlayi Haşım — Salam əleykum, ağalar! Çox zəhmət çəkmisiniz ki, gecənin bu vaxtı mənim görüşümə gəlmisiniz. (bir-bir görüşür. İstəyir övrəti ilə də görüşə). Mirzə Rəhim — Kərbəlayi Haşım, əl saxla! Bu övrət indi sizə naməhrəmdir. Kərbəlayi Haşım — Müctəhid ağa, bu nə fərmayişdir? Bu əhvalatdan mən xəbərdar deyiləm. Mirzə Rəhim — Bəli, Kərbəlayi Haşım! Şəriətdən çıxmaq olmaz. Sənin Cəddədə vəfat etməyini üç nəfər adil şahid xəbər verəndən sonra bu zəifə özünə ər ixtiyar eləyibdir. Nə edəsən, şəriət də buna yol verir. Bu da şahidlərin adları və möhürləri. Kərbəlayi Haşım — (məclisə) A başınıza dönüm, bu nə kələkdir mənim başıma gəldi? Mən Məkkəyə getdim ki, allahın borcunu verim. Bəs indi mənim arvadım necə olsun? (Heyrətlə evi o tərəfə, bu tərəfə gəzir). Akif övrəti Şərifə xanım ilə daxil olurlar Akif — Qardaş, sənə nə olub, sənin ölümün... İndi bəs bu axundun sözü nədir? Kərbəlayi Haşım — Sözü nə olacaqdır? Halal hazırca arvadımı alıb oturubdur, özüm də ağzımı aça bilmirəm. Çünki mənim ölməyimə üç nəfər müsəlman şahid keçibdir. Akif — Bəli, elə o şahidlərinizdə sizdəndir. Sənə yüz dəf’ə dedim ki, bu əmmaməli lotuya inanma! Axırda yenə də olmadı. Gənbər — (gəlir irəli) Hacı, heç fikir eləmə, bu xəncərin gücünə arvadını boşatdıraram. Bir belə kələkdən mənim də başıma gətirmək istəyirdi. Haramzada oğluna bax, qulduru qoyublar şəriət məhkəmələrində, mənə quldur ad qoyub dalıma düşürlər! Nəsrulla — Allah buna divan eləsin! Var-yoxum bircə mülkümü manatça yarıma alıb Hacı Salehin cibinə tökdü. Zülfüqar — Vallah bu qırx lotudan həyasızdır. Aparıb həyasız-həyasız yanı balalı arvadımı saxlayır. Gənbər — Siz öləsiniz, mən bu kafir oğlunun divanını allaha qoymayacağam. İndi bu saat özüm divanını elərəm! (istəyir xəncər ilə vursun). Nisabəyim — Vur boynu düşsün yerə haramzadanın! Akif — (Gənbərə) Oğlan, əl saxla! Bu mə’lunun qanını tökməkdən heç bir şey çıxmaz. Gərək müsəlmanların arasındakı cəhaləti öldürmək. Müsəlmanların bir çoxu bu əmələ məşğuldur. Kərbəlayi Haşım — Ay qardaş, amanın bir günüdür! Mən daha özümü itirmişəm. Bu işə bir çarə elə. Mən bəs necə eləyim? (Tez-tez gəzir. Hammallar pullarını istəyirlər, qayıdıb acıqlanır). Akif — Qardaş, mən sənə yüz dəfə söylədim ki, özünü bu çildə salma! Mən sənə dedim bu tayfaya inanma. Çünki bunların cəmi dünyada qəbahəti məşhur olub. Lakin sən yenə nicatı bunlarda gördün. İndi bu mollalara inananların dünyadakı nicatıdır, axirətləri də bundan fəna! Kərbəlayi Haşım — Qardaş, məzəmmət vaxtı deyil əlac elə. (məclisə) Vallah mən dəli oluram. Ay kişilər, belə də dərd olarmı? Mən gedirəm beytüllahi-həram ziyarətinə, indi gözüm görə-görə övrətimi alsınlar? (ağlayır). Akif — Ağla-ağla! Mən sizin cəhalətinizi görüb ağlayanda siz mənə gülürdünüz. İndi haman cəhalətin səmərəsi sizi ağladır. Bu ağbaşlı, qara fikirli namussuzlar çoxlarının namusunu ayaqlayıbdır. Bu işə yalnız bircə çarə vardır. Kərbəlayi Haşım — Akif, belə qurbanın olum, o çarə nədir? Akif — Kərbəlayi-Haşımlıq çildindən çıxmaq, adam olmaq. Həqarətdən çıxmaq üçün bu paltardan çıxmaq lazımdır. Çünki cəmi fəsadlar bu uzun ətəklərin altından çıxır. Zülfüqar — Görünür ki, sən bir elmli adamsan. Elmin də ki, oldu söz yox, ağlın da olacaq. Mən ağılsız gətirib arvadımın bunun yanında talağını verdim ki, bir az burnu ovulsun. Mən bu tərəfə dönən kimi ağılsız arvadı salıb toruna. İndi iki aydır ki, saxlayır. İndi bəs necə olsun? Akif — Siz müsəlmanlar gərək bu işlərdən darıxmayasınız. Çünki sizin peşəniz arvadları heyvan kimi alıb satmaqdır; necə ki, alırsınız, öylə də satırsınız. Daha burada sual yeri yoxdur. Əsədulla — (sərasimə daxil olur) Ay Həlimə xanım, nə asudə oturmusan, evimiz yıxılıbdır (ağlayır). Həlimə — Gedə, nə olub məgər? Əsədulla — Nə olacaq? Münəvvər xanım qapı dalından eşidib ki, onu ərə verirsən, molla da kəbin kəsir, gedib özünü atıb göldə boğubdur. Mirzə Bağır — Vay, yaxşı mənim evim yıxıldı! Kərbəlayi Haşım — Gedə, Əsədulla, bu nə xəbərdir? Əsədulla — Bəli, ağa, budur, ölüsünü gətirirlər. Münəvvəri xalça üstə gətirirlər. Həlimə və Kərbəlayi Haşım özlərini salırlar cənazənin üstə. Kərbəlayi Haşım — Evin yıxılsın arvad, bu nə işdir mənim başıma gətirdin? Evin yıxılsın yalan şahadət verənlər! Bu nə bəladır mənim evimə saldınız. Akif — (Aralıqda durub əlilə göstərir) Bu açıq övrət (Şərifəni göstərir), bu da örtülü övrət, (Həliməni göstərir), bu şəriət (mollanı göstərir), bu da şəriətə inanan Kərbəlayi Haşımlar, bunlar da övrət tacirləri! Pərdə düşür. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ordubadi-dinciler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1950). Public domain (author died 1950). Original text only.